Xudafərin körpüsü
Fərman Kərimzadə
“Qarlı aşırım” əsəri ilə böyük ədəbiyyata gələn görkəmli yazıçı, tarixi romanlar ustası Fərman Kərimzadənin “Xudafərin körpüsü” romanında XV əsrin axırı XVI əsrin əvvəllərində baş vermiş tarixi hadisələr, Şah İsmayıl Xətainin uşaqlıq və gənclik illəri, hakimiyyət uğrundakı mübarizəsi qələmə alınıb. Romanda, həmçinin Şah İsmayıl Xətainin bir şair, sərkərdə və dövlət xadimi kimi yetişib formalaşdığı tarixi şərait təsvir edilib, Uzun Həsən, Sara Xatun, Hüseyn Lələ bəy, Əbih Sultan kimi tarixi şəxsiyyətlərin yadda qalan obrazları yaradılıb.
Fərman Kərimzadə
Xudafərin körpüsü
Kitab tanınmış yazıçı-nasir, kinoredaktor, ssenarist Fərman Kərimzadənin əziz xatirəsinə ithaf olunur
I HİSSƏ
DƏMİR AĞACDAN ASILAN BEŞİK
PROLOQ
Daşın üzü soyuq olur. Nə günəş şüası ilə qızır, nə də insan hənirtisi ilə isinir. Bu soyuq, qara, üzü parıltılı daş bir deyildi, iki deyildi… Minlərlə daşı çaylaqlardan götürmüşdülər, karxanalarda yonmuşdular, qabar gücünə, taqətdən düşən diz hesabına dağın sıldırım yalına qaldırmışdılar. Burada yumurta sarısından yoğrulan palçıqla biri-birinə bənd etmişdilər. Bürclər ucaltmışdılar, tağlı darvazalar hörmüşdülər, işıqsız zindanlar qurmuşdular.
Buludlara ilişib onları yun əlçimi kimi parçalayan qaya da buz kimi soyuq idi. Quzey divarı çayın sahilindən qartal uçuşu hündürlüyünə qalxan qayanın zirvəsində bünövrə tutmuşdu. Oradan da iyirmi beş, otuz qulac qalxırdı. Ensiz, uzun pəncərəsi lap yuxarıdaydı. Divarı mamır basmışdı, pəncərədən az aralıda daşların arasından dağdağan kolu bitib aşağı sallanmışdı. Pəncərənin yoğun dəmir barmaqlığını pas basmış, pasın üstünü isə daş xınası örtmüşdü. Pəncərənin aşağısı nov kimi yarıq idi. Bu pəncərədən aşağıya baxmaq hər adamın işi deyildi. Aşağılarda səsi eşidilən çayı həmişə görmək mümkün deyildi. Duman dərəyə yüngül, ağ pərdə çəkirdi. Bəzən də elə qalınlaşırdı ki, sanki o dərələr ağızbaağız qarla dolub.
Düz baxanda meşəli təpələr, dağlar görünürdü. Bu meşələrin üstündə isə bir zirvə ucalırdı. Başı kəllə qəndə oxşayırdı, aşağı getdikcə qarlı şırımlar açılırdı. Nəhəng ağ saqqallı bu zirvə Savalan dağı idi.
– Ana, Savalanın zirvəsinə çıxsan hara görünər?
– Sən ora çıxa bilməzsən, oğlum. Çox ucadı.
– De görüm, hara görünər?
– Haranı görmək istəyirsən, oğlum?
– Bu yanda Təbrizi, o yanda Dəmir qapı Dərbəndi.
Aləmşahbəyim ağlayırdı. Ceyran gözlərindən qarası mavi, ağı boynundakı “Emruzi bikr” incisi kimi ağ yaş axırdı. O incinin dənələrinə bənzəyən gilələr yuvarlanıb düşürdü. Amma yanaqlarında kədər əvəzinə şuxluq, alnında, çatma qaşları arasındakı düyündə ağrı əvəzinə qürur hissi vardı.
– Niyə ağlayırsan, ana? Qorxursan yıxılam?
– Yıxılmağından qorxmuram, oğul. Sənin Savalana çıxmağını gözlərimin qabağına gətirəndə sevindiyimdən ürəyim kövrəldi.
– Adam sevindiyindən də ağlayarmı, ana?
– Ağlayar, oğlum, ağlayar.
– Onda məni Savalana kimi apar, ətəyinə çatdır, özüm qalxacağam.
Aləmşahbəyimin ürəyi sıxıldı. Qızılgülün əyilmiş yarpağına oxşar dodağını inci parıltılı dişlərinin arasında sıxdı. Qəhər onu boğdu. Sonra bu qəhər əridi, suya çevrildi, ürəyinə axdı, elə bil. Daha bu sevincdən deyildi. özünü zorla ələ aldı. Oğlu onun əlini dartıb cavab istəyirdi.
– Gedərik, oğlum, gedərik.
Aləmşahbəyim qalxdı. Yeddi yaşına qədəm qoymuş oğlu İsmayılın yumşaq, kiçik barmaqlarını ovcuna aldı, kiçik hücrənin qapısına getdi. Hücrənin səkkiz küncü vardı. Hər küncdən tavanın dəbilqə içərisinə oxşayan səqfinə xətt gedirdi. O xətlər birləşən yerdən bir qəndil asılmışdı. Qızıl suyu ilə suvarılmış qəndilin səkkiz şamlıq şamdanı vardı. Şamdanlar bir-biri ilə qızılgül yarpaqları və qönçələri ilə birləşmişdi. Bu güllər və yarpaqlar da çox zərifliklə tuncdan tökülmüşdü. Şamdanlardakı şamlar yarıya qədər yanmış, yanlarında üst-üstə qalaqlanmışdı.
Yerə zərif naxışları olan iri xalça salınmışdı. Amma hücrənin ala-qaranlığı xalçanın rənglərini boğmuşdu. Xalçanın, qəndilin incəliyi yanında divarların biri-birinə geydirilmiş iri daşları kobud və köntöy görünürdü. O daşlardan soyuq şüalanırdı, elə bil. Bu hücrə qalanın quzey tərəfində olduğundan heç vaxt buraya gün düşməmişdi. Pəncərədən süzülən sanki aydınlıq gecənin ay işığı idi.
Ana-bala xalçanın üstündən keçib qapıya qədər getdilər və ayaqlarının səsi eşidilmədi. İsmayılın əynində güllü, xaraya oxşar Gəncə parçasından kaftan vardı. Kaftanda təkcə güllər deyil, əli oxlu, qılınclı, gül budaqlarının arasında görünən gənc döyüşçülər də təsvir edilmişdi. Belində gümüş kəmər parıldayırdı. Qırmızı atlasdan tikilən şalvarının qırışları tərpəndikcə qırmızı parıltı alınırdı. Ayağındakı məstlər isə qızıl saplarla işlənmişdi. Başında ağ çalma vardı.
Hücrənin palıd qapısı yağlanmış kimi parıldayırdı. Çərçivədən iki yerdən qapının eninə paslı, ox ucu şəklində bəndlər uzanırdı. Bu bəndlər yumruq boyda gülmıxla qapıya bərkidilmişdi. Adama elə gəlirdi ki, bu qapını pəhləvanlar var gücləri ilə dartsalar, güclə açılar. Amma İsmayıl əlini atan kimi qapı səssizcə açıldı. İçəriyə gün işığı düşdü. Ananın da, oğlunun da gözləri qamaşdı, əllərini qaşlarının üstünə qoymalı oldular. Bu işıq günəşdən deyil, hücrənin qabağındakı daş hovuzdakı sudan əks eləyirdi. Onlar çıxan hücrə tək deyildi. Yan-yana neçəsi vardı. Hamısının da qapısı uzun bir daş eyvana açılırdı. Eyvanın üstü də tağ şəklində hörülmüşdü. Hər hücrənin qabağındakı sütunların arası çatma qaşlar kimi dartılmışdı. Sütunların arasındakı pillələr hovuz olan daş meydana enirdi. Bura kiçik bir karvansaraya da oxşayırdı. Meydanı hücrələr əhatə eləmişdi. Amma burada çox az adam yaşayırdı. Aləmşahbəyim, oğlanları Sultanəli, İbrahim və İsmayılla bura sığınmışdı. Bir də onların xidmətçisi Səkinə. Bu kiçik şəhər-karvansaray onların məhbəsi idi. Quş quşluğuyla buraya səkə bilməzdi. Onları ağızda dil, gözdə gilə kimi qoruyurdular. Amma neçə ilin içində onlar keşikçiləri görməmişdilər.
Hovuzun yanından bürclərin üstünə pillələr qalxırdı. Ana-bala həmin pillələri qalxdılar. Əvvəllər İsmayılın ayağı bir pillədən o birisinə çatmırdı. Anası qolundan dartıb çıxarırdı. On-on iki pilləni qalxıb bürcə çatdılar. Burada donmuş, qurumuş, daş geyinmiş döyüşçülərə oxşayan qala dişləri yan-yana dayanmışdı. Ana-bala onların yanından keçib gəzinməyə başladılar.
Günəş əyilmişdi. Aşağıdakı dərələri, vadiləri, dağları bənövşəyi rəngə çalan kölgə basmışdı. Təkcə qalanın bürclərini və Savalanı günəş işıqlandırırdı.
– Ana, mən darıxıram. Niyə burdan çıxıb getmirik?
– Hara, oğlum?
– Ərdəbilə, evimizə.
– Evimiz yadına gəlirmi?
– Gəlir. Bir ağ at gəlib həyətimizdə ayaqlarını yerə döyüb kişnəyirdi.
Bu sözdən sonra Aləmşahbəyim özünü saxlaya bilməyib hönkürdü. Artıq onun gözləri, qaşları arasındakı düyün də ağlayırdı. İsmayıl təəccüblə dönüb anasına baxdı.
– Sən niyə ağlayırsan? Atın ayağını yerə döyüb kişnəməsinə görə heç gör adam ağlayar? Mən uşağam, heç ağlamıram…
Ağlayan Aləmşahbəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, ağlamayan uşaq isə Şeyx Heydərin oğlu İsmayıl idi.
BABA UZUN HƏSƏN, NƏNƏ SARA XATUN, ATA HEYDƏR SƏFƏVİ…
Gün qüruba əyilmişdi. Kirs dağının üstünə toplaşan qara buludlar biri-biri ilə vuruşan əjdahalara oxşayırdı. Amma o əjdahalarda güc, taqət qalmamışdı. Tökülən qanları özlərini və səmanı qan rənginə boyamışdı. İndi daha yavaş-yavaş, halsız-halsız biri-birlərinə ağız atır, quyruqlarını, qanadlarını uzadıb çəkir, elə bil, can verirdilər. Onların arxasında isə nəhəng bir kürədən çıxan, məcməyiyə oxşayan günəş, elə bil, bu qanlı döyüşdən qorxub Kirs dağının dalında gizlənib yaxasını qurtarmağa çalışırdı.
Uzun Həsən, Govur arxının yanındakı təpədə, çadırının yanında dayanıb bu “döyüşə” baxırdı. O qədər dərin fikrə getmişdi ki, anası Sara xatunun gəlib onun yanında dayanmasını bilməmişdi.
– Sabah yaxşıca yağış yağacaq, oğlum.
Uzun Həsən dönüb dolu əndamlı, boy-buxunlu, yerişindən, duruşundan hökm və hikkə tökülən anasına baxdı. O, zərxaradan tuman geyinmişdi. Belində zümrüd qaşlı qızıl kəmər, əynində qanovuzdan köynək, onun üstündən pərəngli, qollarının ağzı və ətəkləri daş-qaşla bəzənmiş güləcə vardı. Yaylığının altından şah tacına oxşar, ondan ensiz, alnını tutan dingə qoymuşdu. Belinə vurduğu sağ əlinin şana barmaqlarında çoxlu üzük parlayırdı. Biləyində isə almasları bərq vuran bilərzik üfüqün qırmızı işığını əks elətdirirdi.
Uzun Həsən anasının geyinib-bəzənməsinə təəccüb elədi. Son iki ildə onu belə görməmişdi.
– Xeyir ola, ana?
– Xeyirdi, ağrın ürəyimə.
Uzun Həsən başını döndərib yenə də buludlara baxdı. “Əjdahalar” artıq əriyir, bozarır, göyərirdilər. Təpədən aşağıda ordugahın çadırları cərgə ilə düzülmüşdü. Amma bu ordugah ona çox kiçik görünürdü, az görünürdü. Arazın o biri tayında dayanmış Teymurləng nəvəsi Sultan Əbu Səidin qoşunundan çox az idi. Meydan müharibəsinə girsə, uduzardı. Amma bu müharibə olmalı idi. Qaraqoyunlu sultanı Cahan şah Həqiqini məğlub eləyib Ağqoyunlulara ölkənin sultanlıq taxtına yol açdığından iki il keçsə də, hələ də kifayət qədər qüvvə toplayıb təzədən babasının tutduğu yerlərə göz dikən Sultan Əbu Səidə qalib gəlmək iqtidarında deyildi.
Babası Fəxrəddin Qara Yuluq Osman bəy Diyarbəkrdə hökmranlıq edəndə Teymurləngə sədaqət göstərmiş, İldırımla Teymurun Anqara meydan döyüşündə onun tərəfində olmuşdur. İndi üstündən altmış altı il keçəndən sonra nəvələr düşmən kimi üz-üzə dayanmışlar.
– Ana, deyirsən, sabah yağış yağacaq?
– Deyəsən, görmədin gün batanda buludlar necə qaralmışdı.
Neçə vaxt idi ki, Qarabağa yağış düşmürdü. Düzənlərin otu qurumuşdu, heyvanlar, atlar otlamağa bir şey tapmırdı.
Anası yağışı yad etməklə oğlunun ürəyinə çökən qara fikirləri dağıtmaq, ona yaz yağışı kimi sərinlik gətirmək istəyirdi.
– Ana, belə bəzənib, geyinmək də yağışa görədi? Ya toy var, mən xəbər tutmamışam?
Sara xatun qürurunu pozmadı.
– Ay oğul, ana sənə qurban, nə qədər ki, sən varsan, mən elə toyda-bayramdayam. Nə oldu, elçilər qayıtdı?
– Qayıtdı.
– Nə deyib?
– Deyib ki, tanımıram Uzun Həsəni. Düşmənəm onunla.
– Ay hay… Fərhad ölüb, külüngünün səsi gəlmir. Mən özüm gedəcəm danışığa. İnanmıram sənin göndərdiyin adamlara.
Uzun Həsən anasına tərəf döndü. Anası nə qədər hündürboy olsa da, oğlunun çiyninə də çatmırdı boyu. Üstü tüklü əlləri anasının əllərindən də xeyli böyük idi. Qızıl dəstəkli əyri qılıncının üstünə qoyduğu sol əlinin adsız barmağındakı almas qaşlı üzük də onun barmaqlarını nəcibləndirə bilməmişdi.
– Mən boyda oğulun anası düşmənlə danışığa getsin?
– Bəs Trabzonda Fateh Sultan Məhəmmədlə niyə danışığa getmişdim?
– Onda qohumlarımız dar ayaqda idi. Rəhmətlik imperator dördüncü İohannın qardaşı Davusu xilas eləmək istəyirdik. Goruna lənət. Necə ki, oldu. Əlinə dönüm o Fateh Məhəmmədin, yeddi oğlunun özüylə bərabər başını vurdurdu.
Sara xatun oğluna etiraz etdi.
– Hər necə olsa qayınatanın qardaşı, arvadın Dəspinə xatunun əmisiydi.
– Arvadımın əmisi olsa da, düşmənim Cahan şahın qayınatasıydı.
Sara xatun dolub hirslənmiş oğlunu sakitləşdirmək üçün dedi:
– Onu Fateh Məhəmməd öldürdü, yeznəsini də sən. Keçi öldü, qoturluğu kəsildi. İndi mən Sultan Əbu Səidin yanına gedəcəm. Mənim sözümü yerə salmaz. Yerə salsa da, vaxt qazanarıq.
Anasının təklifi oğlunun ağlına batdı. Vaxt qazanmaq. İndi bu vaxt ona hər şeydən irəli idi.
– Hazırlaş, sabah gedirsən. Kimi özünlə götürəcəksən?
– Şeyx Heydəri, sonrasına da baxarıq.
Hava qaralmışdı. Amma göy üzü hələ də açıq idi. Havada uçuşan gecə quşları görünürdü. Uzun Həsən dönüb çadırına girdi. Çadır alaçıq şəklində dəyirmi qurulmuşdu, çox böyük idi. Baş tərəfdə taxt qoyulmuş, çubuqlardan hörülüb üstünə keçə çəkilmiş divarın dibinə döşəkcələr düzülmüşdü. O, başını əyib içəri girsə do alaçığın qapısından asılan örtüyü salmamışdı. Şamların zəif işığı qapıda dayanan iki keşikçidən birinin sağ qoluna geydiyi qalxanın üstünə düşmüşdü. O birisinin silueti isə havanın fonunda aydın seçilirdi.
– Şeyx Heydəri yanıma çağırın.
Xidmətçilər Şeyx Heydərin dalınca gedəndə Sara xatun yanaşı qurulmuş üç çadırdan hansına girəcəyini fikirləşdi. Bu alaçıqlar gəlinlərinin çadırları idi. Birində Canbəyim xatun, ortadakı alaçıqda Səlcuqəşahbəyim, üçüncüdə isə Dəspinə xatun yaşayırdı. Böyük gəlinin yanına getmədi. O, hərəmxananın böyük xatunu, şahzadə Uğurlu Məhəmmədin anası idi. Səlcuqəşahbəyim xatun isə oğluna iki oğlan doğmuşdu: Sultan Xəlil və Sultan Yaqubu. Üçüncü gəlin Trabzon imperatorları olan Komnenoslardan IV İohannın qızı Feodara idi ki, bu ocağa gəlin gələndə adını dəyişib Dəspinə xatun qoymuşdular.
Sara xatun bir an ayaq saxladı.
“Dəspinə tərsa qızıdır. Onun yanına birinci getməyim yaxşı olar. Özü də qız anasıdır. Bu dünyaya etibar yoxdur, bilmək olmaz”.
Sara xatun alaçığa girəndə onu lətif bir ətir iyi vurdu. Yox, bu, Şiraz ətri deyildi. Görünür, onun Trabzondan qızlıq vaxtı gətirdiyi ətirlərdən idi. Bu axşam saçlarını onunla sirab eləyib ərini gözləyirdi. Amma qayınanasını gördü. Zəriflikdə, qızılı saçlarda, mavi gözlərdə özünə oxşayan qızı Aləmşahbəyimin başını dizinin üstündən götürdü və ayağa qalxdı. Aləmşahbəyim də ayağa durdu və irəli yeriyib nənəsinin əlindən öpdü. Nənəsi də onun alnından öpəndən sonra Bizans ipəyindən tikilmiş pərdənin arxasına keçdi. Sara xatun dayanıb Dəspinə xatuna baxdı. O, başdan ayağa ağ geyimdə idi. Döşləri səmərqənd kağızı kimi ağ tülün altından qızıl gül qönçələri kimi irəli çıxmışdı. Əyninə kip, Bizans üsulunda tikilən donu beldən nazilir, sonra yanlara qalxıb qövs cızaraq aşağıya xalçanın üstünə enirdi. Qulağının üstündən almaslar parıldaşan telbasanla qızılı saçlarını yığmış, o saçların bir hörüyü çiynindən sallanıb budlarına qədər uzanmışdı.
Sara xatun heyranlıqla ona baxırdı.
– Allah-taala sənin bu gözəlliyini mənim oğluma çox görməsin.
– Sağ ol, ana.
Sara xatun o birisi gəlinlər kimi Dəspinə xatunun onun əlindən öpməsinə icazə vermirdi. Bilirdi ki, o, imperator qızıdır. O, heç kimə əyilməz. Özü də onu əymək istəməmişdi. Yaxınlaşıb onun da alnından öpdü. Yumşaq, ipək üzlü pərqu döşəkcənin üstündə oturdu.
– Əyləş, qızım, – dedi. Amma onun gözəlliyinə hələ də heyran-heyran baxmaqda idi. “O birisi gəlinlər oğlumdan narazı qalarlar da. Belə gözəldən kim ayrılar.”
Dəspinə xatun da oturdu.
– Sən imperator qızısan. İndi də olursan imperator zövcəsi. Amma, qızım, hökmdar zövcəsi gərək hər bəd xəbərə dözümlü olsun.
– Nə olub?
– Heç nə olmayıb. Ola bilər.
– Nə?
– Biz həqiqətin gözünə dik baxmalıyıq. Sirr həmişə bizdə olmalıdır. Onu özgələri bilməyə də bilər. Taleyin hökmü sabah oxunacaq. Ya biz olacayıq, ya da… Teymur nəvəsi Sultan Əbu Səid ərini ölüm-dirimə çağırır. Allah kimə verə, verə. Güc onun tərəfindədir. Sabah oğlum döyüşdə uduzsa, biz hamımız əsir oluruq.
– Yox, ana, mən əsir olan deyiləm.
– Sağ ol, qızım. Çingizlə Xarəzmşah Sultan Cəlaləddin vuruşanda, Cəlaləddin bundan da ağır bir gündəydi. Qarşısında Çingiz ordusu, arxasında da Hind çayının sıldırım sahilləri. Hərəmləri ələ düşməsin deyə hamısını özü çaya atdı. Özü da atla tullandı. Özünün əcəli çatmayıbmış, at üzüb çıxdı. Hərəmləri suya qərq oldu. Bura Qarabağdı, Hərami düzüdür. Burada çay Arazdı, o da bir az aralıdı.
Sara xatun barmağından bir üzük çıxarıb Dəspinə xatuna verdi.
– Qapı açılır. Görsək ki, düşmən güc gəlir, onda bu qaşın içindəki süleymaniyyə zəhəri köməyimizə çatar. Ölüm haqdı. Döyüşdə ər ölürsə, o, qəhrəmandı. Arvadı da onunla bərabər ölürsə, o da namus qəhrəmanıdır.
Dəspinə xatun üzüyü aldı, qaşına baxdı.
– Ana, bu üzükləri çoxdan saxlayırsan?
– Çoxdan. Fateh Sultan Məhəmmədlə danışığa gedəndə də biri barmağımdaydı. Gəlinlərim artdıqca da düzəltdirmişəm.
– Gecən xeyrə qalsın, qızım. Deyir axşamın xeyrindən səhərin şəri yaxşıdır.
Sara xatun əlini yerə dayaq verib qalxana qədər çinar boylu Dəspinə xatun ayaq üstündə idi. Sara xatun əllərini göyə qaldırdı.
– Ey bu axşamın sahibi, oğlumu sənə tapşırıram. Sən onun ağlını qılıncı, qılıncını ağlı kimi iti, baxtını atı kimi yüyrək, taleyini göylər çırağı kimi işıqlı elə.
– Amin, deyə Dəspinə xatun ona səs verdi. Amma bu “amin”də duadakından daha böyük bir kədər, yalvarış və titrəyiş vardı.
Uzun Həsən anasının “Şeyx Heydərlə gedəcəyəm” deməyinin mənasını tez almışdı. O, xəbər tutmuşdu ki, Sultan Əbu Səid babası Teymur kimi Ərdəbildəki Şeyx Səfiyyəddin pirində ziyarət etmiş, oraya böyük nəzir-niyaz vermişdi. Hazırda həmin pirin şeyxi Şeyx Heydərdi. Heydərin atası Cüneyd də onların kürəkəni idi. Uzun Həsənin bacısı Xədicə Bəyimlə evlənmiş, onlardan Heydər dünyaya gəlmişdi. Cüneydi Şirvanşahlar öldürəndən sonra Heydəri dayısı Uzun Həsən böyütmüşdü.
Alaçığa ruhanilər kimi uzun əba geyib başına ağ çalma qoymuş Şeyx Heydər girdi. Dayısına təzim eləyib:
– Cəddim Museyi Kazım köməyində dursun, dayı, – dedi. – Sizin çağırışınızla gəlmişəm, dediyinizə müntəzirəm.
Heydər o zaman on dörd-on beş yaşında olardı, ya olmazdı. Bu ağsifət, zərif oğlan kamil təhsil almışdı. Dayısının əməl etdiyi sünni-hənəfi təriqətinin bütün incəliklərini öyrənsə də, atası Cüneydin üzünü görməsə belə onun yolu ilə getmiş, şiəliyi, səfəvilərin batin elmini də öyrənmişdi.
– Gəl otur.
O, dayısının göstərdiyi yerdə bardaş qurub oturdu. İri ağıllı gözlərini dayısına dikdi.
– Eşidirəm.
– Məsələdən, yəqin ki, xəbərdarsan?!
– Bəli.
– İndi bizə vaxt qazanmaq, Sultan Əbu Səidə nə vasitə ilə olur-olsun təsir göstərmək lazımdır. Sabah tezdən, Allah qoysa, sübh namazından sonra nənən Sara xatunla Əbu Səidin ordugahına gedirsən. Sənin getməyin çox vacibdi. Əmir Teymur sizin ocağa bağlı olub. Əbu Səid sənə etinasızlıq göstərə bilməz. Ortada sülh yaratmaq vacibdir. Elə bilmə ki, dayın qorxur. Yox, bir gün yaranan, bir gün ölməlidir. Nuha, Süleymana, İldırıma, Teymura qalmayan dünya bizə də qalmayacaq. Ağılsızlıq ucundan ölənlər də bu saydıqlarımın heç biri olmur. Biz Sultandan gücsüzük. Ondan bir qışı Qarabağda qalmağa rüsxət alsaq, Allah qoysa yazda qoşun toplayıb öhdəsindən gələrik. Elə belə də deyərsiniz. Deyərsiniz, qışı Qarabağda qalaq, yazda köçüb ata-baba yurdumuz Diyarbəkrə, Amidə gedərik. İndi tərpənsək, yolda mal-heyvanımız qırılar. Fikrim sənə aydın oldu, bacıoğlu?
– Bəli, gün kimi, hələ bir çox mətləblər var ki, onları da mən əşyayi-sübut kimi gətirib Sultanın fikrini döndərməyə çalışaram, inşallah.
Onlar söhbət elədikləri müddətdə Sara xatun böyük hərəm Canbəyim xatuna da üzüyü verib Səlcuqəşahbəyim xatunun çadırına girmişdi.
Səlcuqəşahbəyim xatun uzanıb yorğanı da başına çəkmişdi. Sara xatun gələndə kəniz onu oyatdı. O, qalxdı, saçları pırtlaşmışdı, çox yatdığından gözlərinin altı da şişmişdi.
“Ya oğlanlarına arxayındı, ya da oğlumdan əlini üzüb, onu gözləmir. Axşamnan yatıb, heç nədən də xəbəri yoxdur”.
Səlcuqəşahbəyim iri döşləri, ətli əndamı, ağbəniz çöhrəsi olan gəlin idi. Amma Sara xatun onu həmişə qaraqabaq görərdi. İndi də onunla heç bir zarafat eləmədi, xoş söz demədi.
Səlcuqəşahbəyim qalxıb gecə köynəyində qaynanasına yaxınlaşdı, onun əlindən öpdü. O, oturandan sonra özü də oturdu. Sara xatun dinməmiş özü başladı:
– Ana, bir şirin yuxu görürdüm. Görürdüm ki, göydə Günəşlə Ay yaxınlaşıb, bunlardan biri oğlum Xəlilə, o birisi Yaquba oxşayır. Bir do görmüşəm ki, rəmmal gəlib, buna rəml atdırıram. Deyir o Günəş ki var, tacdı…
Sara xatun əlini dodaqlarına qoydu.
– Sus! Hələ bu ölkənin günəşi batmayıb ki, burnu selikli oğlunun başına tac qoyasan.
– Mən elə demədim, yuxumu danışdım. Ay ana, vaxt keçəcək, ay keçib illər ötəcək, qərinə dəyişəcək, biz hamımız gedəcəyik, Allah eləməsin, sahibimizin başından bir tük əskik olsun. Olur da, yəni mənim bu gül balalarımın başına…
– Ayıbdı, Səlcuqəşahbəyim. Mənim oğlumun düşməni elə onun evinin içindəymiş ki. Al bu üzüyü, qaşında zəhər var.
– Mənə zəhər verirsən? Bir səhvdi elədim, ağlım kəsmədi. Səlcuqəşahbəyim Sara xatuna tərəf dizin-dizin süründü.
– Sal, barmağında saxla, mən içəndə sən də içəcəksən.
Sara xatun hirslə dönüb ağır-ağır alaçıqdan çıxdı.
Torağaylar millənib göyün üzündə oxuyurdular. At belində oturan Sara xatun başını qaldırıb baxdısa da, onu görə bilmədi. Onunla yanaşı at sürən Şeyx Heydərə döndü:
– Bu torağay oxumağı xeyirliyədi, ya ziyanadır?
– Xeyirliyə olar, nənə.
Hava işıqlaşar-işıqlaşmaz yola düşmüşdülər. Qaradonlu yanında Arazı bərəylə keçmiş, Əbu Səidin Qızıltəpə yanında dayanan ordugahına yan almışdılar. Bir az da gedəndən sonra Əbu Səid döyüşçüləri onların qarşısına çıxdı.
– Kimsiniz, hara gedirsiniz?
– Elçiyik. Sultanın yanına gedirik.
Sara xatun qara çin xarasından çarşaf örtmüşdü. O, belə səfərə çıxanda mütləq çadra örtərdi. Özgə vaxt çadra nə olduğunu bilməzdi.
– Bu zənən xaylağı da elçidir? – Dəstə başçısının kinayəsinə Şeyx Heydər cavab verdi:
– O zənən Uzun Həsənin anasıdır. Ona baş əyməlisən, ağayi başçı.
Başçı əlini döşünə basıb təzim elədi. Sonra da başını qaldırıb qadına baxdı. Sara xatun barəsində çox eşitmişdi. Onunla Fateh Sultan Məhəmmədin danışıqlarından da xəbəri vardı. İndi elə bil, çadralı qadına yox, atlı, çadralı, yanındakı çalmalı gənclə bərabər göydən enən məleykəyə baxırdı.
Sara xatunun da, Şeyx Heydərin də atları dayanmışdı. Çünki onların qabağını beş nəfərlik bir dəstə kəsmişdi. Hamısı da quruyub qalmışdı. Nə edəcəklərini bilmirdilər.
Sara xatun sifətini açıb onlara baxdı və dedi:
– Kişi qadının yolunu kəsməz. Mən Sultanla danışığa gedən hökmdar anasıyam.
Onlar tez yoldan çəkildilər və onları müşayiət eləməyə başladılar.
Uzaqdan Qızıltəpə görünəndə başçı onlardan yavaş-yavaş gəlməyi rica edib özü atını ordugaha çapdı.
Qızıltəpə ətrafı su dolu çuxurla əhatə olunmuş bir hündür, bir də alçaq təpədən ibarət idi ki, monqollar bu kiçik qalanı dağıdıb yerlə yeksan etmişdilər. Təpənin üstündə keşikçilər qaralırdı. Amma ordugah aşağıda salınmışdı və göz işlədikcə çadırlar düzülmüşdü. At kişnərtisi düzləri başına götürmüşdü. Hardansa qalxana dəyən qılınc səsi gəlirdi. Görünür, məşq keçirdilər. Sara xatun görürdü ki, sultanın qoşunu oğlununkundan xeyli çoxdur.
Bir dəstə atlı ordugahdan çıxıb onlara tərəf çapırdı.
Yolun sağında onlardan az aralıda iri, nəhəng Hindistan fili dayanıb xortumunu yellədir, at kimi, elə bil milçəyini qovurdu.
– Fili görürsənmi, ay nənə?
– Görmüşəm, ay bala. Teymur Anqaraya bunlardan düz otuz səkkizini gətiribmiş. Rəhmətlik anam danışardı. Mən fili sonralar gördüm.
– İndi də Əbu Səid bizim üstümüzə fillə gəlib.
– Özünü qorxuzma. Allah kərimdi.
Dəstə çatdı, onları salamladılar. Özləri atdan düşdülər. Hökmdar sarayına bir ox mənzili qalmış atdan düşüb piyada getmək adət idi. Şeyx Heydər atdan düşüb nənəsinə də kömək eləmək istədi, amma geyim-kecimindən, bəzək-düzəyindən sarayın böyük adamına oxşayan razı olmadı.
– Sara xatun atdan düşməyəcək.
Sara xatunun atının yüyənindən tutub Sultan çadırının yanına qədər apardılar. Orada üzəngini basdılar, bu yaşlı, kök qadın çox yüngüllüklə atdan düşdü, çadrasını düzəltdi, bayaqkı adama baxdı.
– Buyurun, Sultan səni elə indi qəbul eləyir.
Əyan onlardan əvvəl çadıra girib diz çöküb təzim elədi, torpağı öpəndən sonra başını qaldırıb Sara xatunun gəldiyini xəbər verdi.
– Buyursun. Kişilər qorxularından gizlənib, arvadları qabağa veriblər… – Bu sözü yavaş dedi ki, eşitməsinlər.
Əyan qayıdıb onları içəri çağırdı. Şeyx Heydərə tapşırdı ki, əyilib torpağı öpsün. Heydər ona narazılıqla baxdı. Əyan bu baxışı gördü.
– Mən deyənə bax.
Heydər dinmədi.
Sara xatun başını əyib çadıra girdi. Bu çadır onun oğlunun alaçığına oxşayırdı. Dirəkləri də, tənəflərinin mıxları da qızıldan idi. Bu ağ çadırın çöldən görünən qübbəsi də məscid günbəzi kimi qızıldan idi. İçəri də çox zəngin idi. Sultanın səfər taxtına iki göz lazım idi tamaşa eləsin. Sultan Əbu Səid özü sadə geyinmişdi. Amma belə deyilmiş. O, altdan zireh qurşamış, üstündən xələt geymişdi. Xələti zirehin üstündən geyirdilər ki, günəş zirehi qızdırıb yayın istisində yeddi-səkkiz saatlıq vuruşmada onlara əziyyət verməsin.
Sara xatun çadırın ağzında dayanmışdı. Sultanın əynində zirehi görəndə azacıq başı gicəlləndi, sonra da yüngülcə ağrı başladı. Demək o, artıq döyüşə hazırdır. Şəxsən özü qılınc çalmağa hazırdır. Amma yox, bu, təkbətək onun oğlu Uzun Həsənlə döyüşsə çox dözə bilməz. Bunun qoşunu və var-dövləti çoxdur. Çox olar da! Teymur Hindistanın almasına, ləl-cəvahiratına, qızılına, Osmanlıların neçə yüz il yığdıqları xəzinəsinə sahib olmadımı?
Sultan Əbu Səid Sara xatunun çadırın ağzında dayandığını görüb ixtiyarsız yerindən qalxdı. Yavaş-yavaş ona tərəf gəlməyə başladı. Sara xatun möhtəşəm qadın və ana heykəli kimi dayanmışdı. Örpəyinin altından çıxmış ağ birçəkləri onu daha da nuraniləşdirmişdir. Sultan Əbu Səid ilk dəfə qadın elçi ilə üz-üzə dayanmışdı. Nə edəcəyini bilmirdi. Kişi elçilər onun təbəələri kimi əyilib yeri, yaxud onun ətəyini öpməliydi. Bu isə qadındır, anadır…
– Xoş gəlmisən. Məni bir sirdən hali elə. Fateh Sultan Məhəmməd səni necə qarşılamışdı?
– Necə lazımdı. Anası kimi əlimdən öpdü. Özümə də “ana” dedi.
Sultan Əbu Səid Fateh Sultan Məhəmmədi kiçildən söz demək istədi. Amma sözlərini uddu.
– Xatunların elçi getməyi sizinlə başlayıb. O, necə qarşılayıbsa, biz də elə etməliyik. Çünki adət artıq yaranıb. – O, Sara xatunun əlindən öpdü.
– Buyur əyləş, ana…
– Çox sağ olun. Siz də çox lütfkar hökmdarsınız.
Sara xatun sultanın taxtı yanında qoyulmuş kürsüdə oturmağa gedəndə Əbu Səid uşaq sifətli Şeyx Heydərə baxdı. Heydər ona yüngülcə baş əydi. Bu, Əbu Səidi haldan çıxardı.
– Sizə deməyiblər ki, Xorasanın, Mavərənnəhrin, İranın yarısının hökmdarı qarşısında torpağı öpməlisiniz?
– Dedilər. Ancaq, ey hikmətli sultan, mənim dodaqlarım Quranı öpməyə öyrənib. Qurandan əvvəl və ya sonra torpaq öpmək günahdır. Heç siz də müzayidə eləməmisiniz ki, Qurani-şərifə əstəğfürullah hörmətsizlik eləyək.
– Əstəğfurullah! – deyən Sultan təəccüblə bu cavan şeyxə baxdı. – Sən hara şeyxisən?
– Ərdəbil.
Bu sözdən sonra, deyəsən, Sultan Əbu Səid bir az ağardı da. Onun qıyıq gözləri bir neçə dəfə qırpıldı.
– Ya şeyx, buyurun əyləşin. Mən istəyərdim ki, babam Teymurla, Allah onun gorunu nurla doldursun, baban Şeyx Əlinin arasındakı o möcüzəli əhvalatı danışasan.
– Allah hər ikisinə rəhmət eləsin, – deyə Şeyx Heydər onun səhvini düzəltdi və Sultan da onun dediklərini təkrar etdi. Bundan sonra taxtına tərəf getdi. O yeridikcə, elə bil, araba cırıldayırdı. Əynindəki zireh geyim sürtülür, dəmir səsi çıxırdı. Deyəsən, bunu özü də hiss elədi. Əl çaldı, xidmətçilər hazır oldu.
– Çağırın bura bütün üləmaları, saray əyanlarını.
Bir azdan onlar çadırda, döşəkcələrin üstündə bardaş qurub oturmuşdular. Amma Sultan getmişdi. Bir azdan o da çadırın arxasındakı yoldan-qapıdan girdi. Hamı ayağa qalxdı. Sultan qırmızı qumaşdan yaxalığı, qollarının ağzı, ətəkləri işləməli bahalı əbasını geyinmişdi. Daha onun bədəni dəmir səsi vermirdi.
Sara xatun yanındakı Şeyx Heydərə baxıb gülümsədi. Bu o demək idi ki, artıq zirehli döyüş paltarını soyundurmuşuq. Bu, böyük irəliləyişdi.
Əbu Səid əli ilə işarə verib oturanlara Şeyx Heydəri göstərdi. O, ayağa qalxdı.
– Şeyx Heydər Ərdəbildə ziyarət elədiyimiz Dar-ül-irşad türbəsinin şeyxidir. Özü də Şeyx Səfiyyəddinin nəvələrindəndir. Hamınız bilirsiniz ki, ulu babam, Əmir Teymur o türbədə namaz qılar, oruc tutardı. Özü də nəzir kimi o türbəyə on kənd bağışlayıb.
– Rəhmətlik anasının pulu ilə, – deyə Şeyx Heydər düzəliş verdi.
– Bunun fərqi varmı?
– Var. Əmir Teymur, özü anasına məxsus olan pulla o kəndləri alıb ki, həmən pul halaldır.
Oturanlar heyrətlə ona baxır, ağsaqqallı üləmalar onu sanki gözləri ilə yemək istəyirdilər.
– Ya Şeyx, bayaq dediyim əhvalatı danış. Sizin kitablarda o daha səhih olar.
Heydər söhbətə başladı.
– Əmir Teymur Dar-ül-irşadı dağıtmaq üçün bəzi üləmaların fitvası ilə Ərdəbilə gəlmişdi. Çünki mənim ulu babamın əqidəsi, təriqəti və məzhəbi onların xoşuna gəlmirdi. Amma Əmir Teymur, Allah onun ruhunu şad eləsin, Dar-ül-irşada gələndə ürəyində üç niyyət tutmuşdu. Birinci niyyəti bu idi ki, Şeyx Əli məni qarşılamağa çıxmamalıdır. Məlumdur ki, Şərqin hökmdarını qarşılamamaq mümkün olmayan işdi. İkinci niyyəti o idi ki, əmirə burada dağ keçisinin südündən aş bişirib verməlidilər. Nə üçün plov yox, südlü aş?! Üçüncü niyyəti də bundan ibarət idi ki, Şeyx Əliyə bir cam şərbətin içində zəhər verilməlidir. Ölməsə, Əmir Teymur bu türbəyə biyət eləyəcək, onu dağıtdırmayacaqdı.
Ziyarətgahın qapısında, Əmir Teymuru qarşılayanların arasında Şeyx Əlini görmür.
– Hanı Şeyx Əli?
– Ziyarətlə məşğuldur, deyirlər.
Birinci niyyəti baş tutur. Xoca Əli gəlir, böyük hökmdarı türbənin hücrələrini gəzdirir, pəncərədən təpədəki dağ keçiləri görünürmüş. O, pişxidmətlərə deyir:
– O keçiləri sağın, südündən Əmir Teymura südlü aş bişirin.
Məlumdur ki, müqəddəsləri ziyarət eləyənlər ağ libas geyirlər. Xoca Əli də, Dar-ül-irşaddakı bütün şeyxlər də ağ, kəfən rəngli xirqə geyirdilər. Əmir Teymur əmr edir ki, Xocaya şərbət gətirsinlər.
Şərbəti gətirirlər, şeyx başını qaldırıb göylərə baxır, ürəyində nəsə oxuyub zəhər qarışıq şərbəti içir. Bundan sonra hücrədə gəşt gedir. O qədər gedir ki, əynindəki ağ xirqə yamyaşıl olur. Deyir:
– Əmir Teymur, şərbətdəki zəhər də Allahın köməyi ilə tərlə gəlib çıxdı. İndi keçək imam övladını ziyarət eləyək.
– Bərəkallah! – deyən səslər eşidildi. Belə ocaqdan da belə şeyx çıxar.
Elə bil sultan Əbu Səid ayıldı.
– Ya şeyx, sən niyə Uzun Həsənin elçisi kimi gəlmisən?
– Deyəcəm. Əmir Teymur Anadoluya, İldırım Bəyazidin üstünə gedəndə xeyir-duanı da mənim babalarım vermişdi. Onun silahı qalib gəldi. İndi bizim ocağımız Uzun Həsənin tərəfindədir. Uzun Həsən mənim dayımdır.
Əbu Səid bu sözlərdən sonra çıxılmaz vəziyyətdə qaldı. Onu bu vəziyyətdən çıxaran ağsaqqallı, batıqgözlü doxsan, yüz yaşını haqlamış üləma oldu.
– İndi sizdə o güc qalmayıb. Atan Şeyx Cüneyd, düzdür, Sara xatunun qızı ilə evlənib, sən də onun oğlusan. Amma o nəsil bununla üçüncü dəfə tərsa qızı ilə evlənir. Qan dəyişib. Buna nə deyirsən, şeyx?
– Tərsanı müsəlman eləmək böyük savabdı.
– Bəs imam övladının qanına tərsa qanı qatmaq necə?
– Mən cavabımı verdim.
Əbu Səid yüngülləşdi, əlini qaldırıb mübahisəni kəsdi.
Üzünü Sara xatuna tutdu:
– Ana, səni eşidirəm.
Sara xatun yerindən qalxmadı. Alçaq, lakin hamının eşidə biləcəyi bir səslə qətiyyətlə danışmağa başladı.
– Sultan, burada bir neçə dəfə Əmir Teymurun ruhuna rəhmət oxunub. Amma onun yoluna əməl olunmur. Niyə? Sözümü kəsməyin, mən bir-bir aydın eləyim. İranda Teymur qarşısına çıxan, onunla vuruşan, qaçan, Teymur çəkiləndə yenə gəlib həmin torpaqları tutan kim idi? Deyəcəksən Qaraqoyunlu Qara Yusif. Cahan şah kimdi? Qaraqoyunlu Qara Yusifin oğlu. Anadoluda, Diyarbəkrdə Teymurun dəstəsinə qoşulan, ona öz köməyini, sədaqətini əsirgəməyən kim idi? Qara Yuluq Osman. Uzun Həsən kimdi? Qara Yuluq Osmanın nəvəsi. Ağqoyunlu. Teymurun dostları onun düşmənlərinə qalib gəliblər. Teymurun nəvəsi isə babasının düşmənlərinə görə onun dostlarıyla cəng eləməyə gəlib. İndi dostluğu, düşmənliyi necə başa düşək.
Sara xatun yaranan vəziyyəti yaxşı başa düşürdü.
Şərqdə Teymurun əsasını qoyduğu imperiya Şahruxdan sonra parçalanmışdı. Əvvəlki əzəməti, qüdrəti saxlamaq üçün bundan əlverişli fürsət ola bilməzdi. Qaraqoyunlular əvvəllər onlardan asılı olsalar da, Cahanşahın vaxtında qüvvətlənmiş, sultan ləqəbi qəbul etmişdi. Ona daha Teymur oğullarının dişi batmırdı. Belə qüvvətli bir düşməni artıq Ağqoyunlular aradan qaldırıb. Ağqoyunluların isə qüvvətlənməsi üçün vaxt lazım gəlirdi. Əbu Səid buna imkan verə bilməzdi. Cahan şahın qanını alıb, onun yerinə başqa Qaraqoyunlu keçirməyi bəhanə gətirirdilər. Əsas qorxulu düşmən Uzun Həsən, onun Bayandur tayfası, bir sözlə Ağqoyunlular idi. Əgər o, aradan götürülsə Azərbaycan, Arran, İran, İraqi Ərəb, İraqi Əcəm Əbu Səidin əlinə keçəcəkdi.
Əbu Səid vəziri bayaqkı əyanla pıçıldaşdı. Bundan sonra Sultan qalın, uca səslə danışmağa başladı.
– Biz Yuluq Osmanın nəsilləri Bayandurlar, Ağqoyunlularla dost idik, onların ata-baba mülkü Diyarbəkrdə. Onlar bizə tərəf yaxınlaşanda, böyük bir ölkənin hökmdarını öldürəndə, bizim də sümüyümüz sancır. Ona görə də vuruşmağımız labüddür. Çıxın gedin Diyarbəkrə, siznən həmişə dost olarıq.
– Yaxşı dostluqdur, – deyə Sara xatun öz-özünə deyindi.
– Ana, bu yerlər heç vaxt Ağqoyunluların olmayıb. Qaraqoyunluların torpaqlarını niyə tutmaq istəyirsiniz?
– Bu il Diyarbəkrdə quraqlıq keçib, mal-heyvanımızı bu tərəfə qovmuşuq. Əgər İranın, İraqi Əcəmin, İraqi Ərəbin, Rey mülkünün qəhrini çəkirsinizsə, onlarda bizim gözümüz yoxdur.
– Bəs Azərbaycan?
– Öz yurdumuzdan da çıxaq?
– Azərbaycan əmim Miranşah Mirzənin mülküdür.
Sara xatun Əbu Səidə güzəşt etməyə gəlmişdi. O, Ağqoyunlu nəslini bu çətin anda xilas etməli, döyüşdən çəkindirməliydi.
– Yaxşı, onda Sultan razılıq versə, bu qışı Qarabağda qalar, yazda Diyarbəkrə qayıdarıq. Yəqin ki, buna etirazınız olmaz.
Əbu Səid çiynini çəkdi. Deyəsən, bu fikirlə razılaşmağa hazır idi. Amma vəzir qalxıb yenə onun qulağına nəsə pıçıldadı. O, danışdıqca Əbu Səidin gözləri qıyılır, bir-birinə yaxınlaşan göz qapaqları arasında qonur göz bəbəkləri parıldayırdı. Qızıl, daş-qaşla bəzənmiş tac qoymuş başını tərpədib razılığını bildirdi. Sonra üzünü Sara xatuna döndərdi:
– Köhnə, babaların dostluğu naminə mən Həsənlə vuruşmaqdan vaz keçirəm. Ancaq baba ruhu əziz olur. Əmir Teymur həmişə qışı Qarabağda keçirərdi. Mən də bu qışı Qarabağda keçirmək istəyirəm. Hələ ki yağışlar başlamayıb, çıxın gedin Diyarbəkrə. Sonra gec olar.
Sara xatun ürəyinin dərinliyində bu danışıqdan razı qaldı. Oğlu sağ-salamat idi. Gəlinləri üzüklərdən istifadə etməyəcəkdilər. Azacıq qoşunları da dağılışmayacaqdı. Demək, heç olmasa fürsət gözləməyə ümid var. Ölümün pəncəsindən qurtarırdılar.
Sara xatun Sultandan icazə alıb getmək istədi.
– Bu saat sizi yola salarlar.
Sultan işarə verdi. Açıq qolları və əzələli çiyinləri yağlanmış kimi parıldayan qara həbəş əllərində üstünə zərxara örtük salınmış bir nimçə gətirdi. Sultanın qarşısında diz çökdü.
Sultan örtüyü qaldırdı. Qızıl nimçədə incilərlə dövrələnmiş, iri firuzə qaşlı nəfis bir qolbaq vardı. Sultan onu götürdü.
– Ana, bu hədiyyəni kişilərin işini boynuna götürən Sara xatuna mənim anam göndərib. Bu, ona görə qiymətlidir ki, onu Əmir Teymur özü Təbriz ustalarına düzəltdirib.
Sara xatun hədiyyəni götürüb Sultana öz təşəkkürünü bildirdi.
İkinci qara qul ovcunda yanaşı tutduğu qılıncı Sultana uzatdı.
Bu qılınc da qızılla işlənmişdi. Qəbzəsində almaslar da parıldayırdı.
– Bu qılıncı isə biz dostlara bağışlarıq. Mənim hədiyyəm kimi Həsən bəyə verərsiniz.
O, “bəy” kəlməsini xüsusi bir vurğu ilə deyirdi. “Bəy” ləqəbi Sultandan sonra gələn altıncı-yeddinci dərəcəli titul idi.
Sultan Əbu Səid Şeyx Heydəri də yaddan çıxarmamışdı. Qabaqda cavan, saqqalından, əmmaməsindən və libasından ruhaniyə oxşayan şəxs qara örtüyə bürünmüş bir əşya gətirdi. Sultan Əbu Səid onu aldı, örtüyü açdı, qızıl qabda dəri cildli kitab vardı.
– Ya şeyx, yaxına gəl.
Heydər yaxına getdi. Sultan Əbu Səid dəri cildli kitabı dodaqlarına yaxınlaşdırandan sonra onu Şeyx Heydərə uzatdı.
– Qahirə Abbasi xəlifəsinin babama göndərdiyi Qurani-şərifin bir mübarək nüsxəsidir. Bu nüsxə Dar-ül-irşada nəzirdir, onu sənə verməklə özümü xoşbəxt bilirəm. Cəddiniz köməyimizdə olsun.
Şeyx Heydər də, Quranı öpüb gözünə qoyandan sonra qızıl qabına saldı, qara örtüyə büküb götürdü.
Onlar mürəxxəs oldular.
Uzun Həsən anası və bacısı oğlu ilə bərabər alaçığında oturmuşdu. Sara xatun danışığın gedişini olduğu kimi danışdıqca oğlu əsəbiləşirdi. O, iri barmaqlarını dodaqlarına dayamışdı. Hirsləndikcə yumruğunu gürz kimi dizinə endirirdi.
Anası onu sakitləşdirirdi.
– Döz, oğlum. Hökmdarın birinci üstünlüyü onun səbridir. Səbirlə dünyanı tutmaq olar, səbirsizliklə ayağının altındakı bir qarış torpağı da uduzarsan. Biz ondan vaxt oğurladıq. Vuruş olmayacaq. Biz Qarabağdan çıxırıq. Bilmək olmaz beş gündən sonra nə baş verəcək. Bizi çox lütflə qarşılayıb, lütflə də yola saldı. Amma, Şeyx Heydər, onun hədiyyələrindən ağlım bir şey kəsmədi.
– Mənim də.
– Sən nə fikirləşdin?
– O qolbaq ki, var, onu gərək açıq verəydilər, bağlı verdilər. Bu, o deməkdi ki, siz mənim əlimdə bu qolbaq kimi mühasirədəsiniz. Mənə də nəzir verdiyi hədiyyə o demək idi ki, sən bu işlərə qarışma, get kitabını oxu. Bircə dayıma göndərdiyi qılıncı başa düşə bilmədim. Özü də deyir ki, bu qılıncı dosta bağışlayırıq.
Uzun Həsən qalxıb alaçığın dirəyindən asılmış qılıncı götürdü. Dəstəyi ovcunda itdi. Əlini qına atdı. Qılıncı siyirmək istədi. Amma tiyə qından çıxmadı. Bir də güc elədi, yenə çıxmadı. Bu qılıncın tiyəsi yox idi.
– Demək belə, mənə də demək istəyir ki, sənin qılıncının tiyəsi yoxdur. Qılıncın qında pas atacaq. Ana, mən onunla vuruşmaq istəyirəm.
– Oğul, cavansan, beynin hələ qandı. Hər şeyi ölçüb biçmək lazımdır. Çağır sərkərdələrini, yaxın adamlarını, ağsaqqalları məsləhətləşək. Sənin bu döyüşün dirigözlü ölümə getməkdir.
– Dayı, mənim də bir məsləhətimə qulaq asın da.
– Buyur, Şeyx. Cəddini köməyimizə çağır görək necə olacaq.
– Biz ona kələk gəlməliyik. Biz buradan çəkilək. Qoy Əbu Səid Arazı keçsin. O, Arazı keçib Qarabağa gəlsə, işlər düzələcək. Onda biz Arazın o tayına keçərik. Qarabağda bu qış ot yoxdu. Quraqlıq keçib, taxıl da yoxdu. Qırx-əlli minlik ordunu, bir o qədər atı, filləri, dəvələri saxlamaq mümkün deyil. Biz də Arazın o tayında yolları kəsərik. Əbu Səidin özü düşəcək o qolbağın arasına.
Uzun Həsənin fikri harasa getmişdi. Şeyx Heydərin dediklərinin yarısını eşidə bilməmişdi. Ona görə də xahiş elədi ki, təkrar danışsın. Təklif olunan ağlına batdı. Üzünü anasına çevirdi.
– Sən nə deyirsən?
– Çox ağıllı fikirdi. Əbu Səidi əzmək üçün bundan ağıllı yolumuz yoxdur.
– Arazın o tayına keçsək, Ərdəbil də bizim olacaq. Qoşunu elə Dar-ül-irşaddan gələn ehsanla saxlayarıq. Hər gün yüzlərlə mürid gəlir. Onları silahlandırıb qoşunun sayını artırarıq. Xorasandan gələn yolları kəsib qoşununun bütün ərzaq yolunu bağlayarıq.
Uzun Həsən gecənin bu vaxtı elə bildi günəş doğur. Onun düşdüyü zirzəmilər işıqlaşır, qapılar, pəncərələr taybatay açılır. O, bütün varının, dövlətinin hamısını bacısı oğluna bağışlayardı. Daha söhbəti də uzatmağı lazım bilmədi. Heç kimi də çağırmadı. Ayrı təkliflər olsa fikirlər haçalanacaqdı. Bu fikrin üçünün arasında qalacağını sözləşdilər. Sonradan Uzun Həsən özü hərəkət edəcəkdi.
– Gedin, yatın. Axşamın xeyrindən, səhərin şəri yaxşıdır.
Şeyx Heydər də, Sara xatun da öz çadırlarına getdilər. O, bir an fikirləşdi. Hansı xatunun yanına getsin? Müqayisə elədi, ölçdü, biçdi. Ürəyi onu Dəspinə xatunun yanına çəkib apardı. Xəbər göndərdi ki, hökmdar onun yanına gəlir.
Uzun Həsən başını əyib alaçıqdan girəndə yan-yana iki gözəl dayanmışdı. Biri Dəspinə xatun, o birisi də anasını təkrar eləyən qızı Aləmşahbəyim. Onun kefi kök idi. Əvvəl qızının alnından öpdü. Əyildi, qızı başını onun çiyninə qoydu.
– Mənim gözəl qızım gözümə bikef dəyir.
– Yaqub saçımdan tutub dartıb. Deyir sənin saçların niyə qızılıdı?
– Deyəydin qızıldandı da, a qardaş. Eyb eləməz.
O, qızının başını qaldırıb gözlərinə baxdı. Aləmşahbəyim on beş yaşa keçmişdi. Birdən-birə ürəyinə bir niyyət gəldi. “Heydərin tədbiri baş tutsa, Aləmşahbəyimi ona verəcəyəm”.
Amma o bilmirdi ki, gənc Heydəri neçə vaxtdı elə buraya bağlayan Aləmşahbəyimdir.
Üç gün idi ki, yağış başlamışdı. Bütün göy üzü bulud idi. Amma o buludların səddi-sərhəddini ayırmaq mümkün deyildi. Boz buludlar lap aşağı enmişdi. Narın, kor yağış kəsmək bilmirdi. Yayın quraqlığından çat-çat olub ayrılmış muğan torpaqları sudan doymurdu. Su dənəvərlənmiş torpaqları elə isladırdı ki, yollar, çöllər keçilməz olmuşdu. Üçüncü gün Araz daşıb bərəni də götürüb aparmış, Qaradonlu kəndindən neçə çovustanı yumuşdu. Yağış isə kəsmirdi ki, kəsmirdi.
Uzun Həsənin alaçığı indi Qızıltəpənin yanında qurulmuşdu.
İş elə gətirmişdi ki, Sultan Əbu Səid Qarabağa keçmiş, Uzun Həsən isə Arazın sağ sahilinə adlamışdı. İşlər Şeyx Heydərin tökdüyü tədbir kimi gedirdi. Bu tərəfdən də yağış başlamışdı. Yağış da Uzun Həsənin köməyinə çatmışdı. Payızda Muğana, Milə yağış yağanda ot cücərir, göbələk də çıxırdı. Amma payızdan çox ötmüş, havalar soyumuşdu. Bundan sonra otun cücərməyinə ümid yox idi. Sultan Əbu Səid özünü çətin vəziyyətə salmışdı. Uzun Həsən alaçığında tək oturmuşdu. Xidmətçi onun qarşısında süfrə salmışdı. Çadırın yanında üstündə talvar qurduqları ocağın səngiyən közünü dağıdan xidmətçi şor motalına oxşayan dərini çıxartdı. Qoyunu doğrayıb duzlamış, ədviyyə vurub təzədən dəriyə doldurmuş, tikib odun içinə basdırmışdılar. İndi oddan çıxartdılar. Dərinin tükü tamam yanmışdı. Yanan yunun kəskin iyi ətrafa yayılmışdı. Artıq dəri ütülmüşdü. İki nəfər dərini götürüb iri məcməyiyə qoydu. Bıçaqla motalı cırdılar, dəri açıldı. Qalxan buxar hər iki adamı görünməz etdi. Onları kəklikotu, zəncəfil, sarıkök iyi vurdu. Sonra yeməyi ayırıb bir məcməyiyə yığıb buğlana-buğlana alaçığa apardılar.
Uzun Həsənin kefi kök idi. Yeməyin ətri ona çox xoş gəldi.
– Bəh-bəh, deyə aşpazları təriflədi.
Süfrəyə yumşaq ağ lavaş qatlanıb yığılmış, şüşə qabda nar, heyva, sinidə qarpız kəsilib düzülmüşdü.
O, çox vaxt yeməyi tək yeyərdi. Aşpazlar gedəndən sonra iri qara gözlü, kirpikləri əyilib sifətinə kölgə salan rumlu qız şüşə qabdan kasaya şərbət süzdü.
Hökmdar yeməyə girişdi. Bir azdan qoyundan yalnız sümüklər qalmışdı. Qız aftafa-ləyən gətirdi. Su tökdü, o, əllərini yudu.
– Şükür sənə, ilahi, – dedi. Qıza iri bardağı göstərdi. O, bardaqdan böyük çini parça su süzdü. Uzun Həsən suyu da içəndən sonra qalxıb alaçıqdan çıxdı. Rumlu kəniz süfrəni yığışdırmaqla məşğul oldu.
O, qapıda görünən kimi xidmətçilər, sərkərdələr, əyanlar onun ətrafına yığıldılar.
– Yağış kefinizi pozmayıb ki?
– Nur yağır, nur.
– Kimin üçün nurdu, kimin üçün cəhənnəm odu. Yaxşı, mənə at gətirəcəkdilər…
– Hazırdır, – deyə Əmiraxur dilləndi. Bir ilxı at sizin ixtiyarınızdadı, böyük hökmdar.
Atları yəhərləmişdilər. Yüyən vurmuşdular. Birinci atı gətirdilər. Bu, uzun boyunlu, nazik ayaqlı, sivri sağrılı türkmən atı idi.
Uzun Həsən yüyəni yalın üstündən keçirdi, ayağını üzəngiyə qoymamış tullanıb yəhərdə oturdu. Amma yəhər yatdı, atın ayaqları qabağa sürüşdü, dal ayaqları çökdü. O, tullanıb yəhərdən yerə düşdü. Sara xatun da dayanıb oğlunun özünə at seçməsinə baxırdı. Atın beli oğlunun ağırlığına tab gətirməyib az qala qırılmışdı. Uzun Həsən günahkar-günahkar anasına baxdı.
– Ana, məni tutsa, bu bədbəxt atların ahı tutacaq.
Atın gözləri irilmişdi. Əmiraxur yaxınlıqda dayanan əsgərin nizəsini alıb türkmən atının qabırğaları arasına sancdı. Atın başı yerə gəldi.
– Ay oğul, Allah o heyvanları belə yaradıb, sənin nə günahın.
Atın cəsədini sürüyüb apardılar.
Mehtərlər ikinci bir köhləni çəkib gətirdilər.
– Ərəb atıdır.
Ağ rəngli bu köhlənin ağ yalı, ağ quyruğu vardı. Uzun Həsən köhlənin duruşuna, gözəlliyinə baxıb heyran qaldı. Onun belinə qalxıb şikəst eləməyə heyfi gəldi.
– Bunun da beli sınar, heyifdi.
Əmiraxur güldü.
– Dünyanın bütün ilxıları sənə qurban olsun. Hökmdarımızın atı gərək onun adına layiq… Bütün cinslərdən gətirmişik. Harada bir adlı-sanlı at varsa onun balalarını tapmışıq, almışıq.
Uzun Həsən nə qədər ucaboy, ağır olsa, bir o qədər də yüngül, cəld idi. Ayağını üzəngiyə keçirib, yəhərə qalxmağı xoşlamazdı. Birdəfəyə ayağını yerə vurmaqla qalxırdı. Ona görə də yəhərə ağırlıq birdən-birə düşür, atların çoxusu dözmür, beli qırılırdı.
O, ərəb atını da belə mindi. Yox, bunun beli sınmadı. Deyəsən onu yaxşı əhliləşdirməmişdilər. Dəlilik eləyirdi. Yüyəni dartanda şahə qalxır, süvarini belindən salmağa çalışırdı. Uzun Həsən atın yüyənini buraxdı. Kövşənlə ox kimi uçurdu. Düşərgədən çox uzaqlaşmadı. Aralıdan başını döndərdi, dövrə vurub gəldi. Amma birdən-birə köhlənin başı aşağı getdi, ayağı horraya dönmüş palçıqda siçan yuvasınamı, nəyəsə keçmişdi. Həsən atın boynundan uçub qabaqda yerə düşdü. Hələ göydə ikən özünü düzəltmişdi. Ayaq üstündə düşdü və topuğa qədər palçığa batdı.
Əyanlar ona tərəf qaçmaq istədilər, amma hökmdar qamətini düzəltdi, qırmızı məstlərinin topuqdan yuxarı palçığa batmağına fikir verməyib iri addımlarla onlara tərəf gəlməyə başladı. Narın yağış onun qara, gödək saqqalına qırov kimi qonmuşdu. Börkü, libası da su içində idi. Bu yağış birdən-birə deyil, yavaş-yavaş isladırdı, həm də sümüyə, iliyə qədər keçirdi.
Amma nə hökmdar, nə də onun məiyyəti yağışa fikir vermirdilər. Köçərinin günü yağışda, qarda keçər. O, əyilib gözlərinin bulağından aşağı yaş axan ərəb atının başını sığalladı, üzünü döndərib yeridi.
Atın ki ayağı sındı, qurtardı, o sağalmaz. Belə heyvan ölməlidir. Əzabdan, əziyyətdən qurtarmaq üçün onu öldürürlər.
Əmiraxur yetirib qılıncını çəkdi, onun ürəyinə sancdı. Hökmdar ərəb atına çox lütfkarlıqla yanaşmışdı. Onu nizə ilə öldürmək istəmirdi.
Uzun Həsən əyanlarına, məiyyətinə özünün gücünü, ağırlığını göstərmək istəmirdi. Onu hələ neçə-neçə döyüşlər gözləyirdi. Döyüşdə ki, at sahibi kimi cəld olmadı, onu tez tutarlar. Əsir eləyərlər. Əsir düşən hökmdarın səltənəti dağılmasa da, ömürlük ləkəli olur. Bir hökmdar həyatı üçün yüzlərlə ilxı qurban verirdilər, heç onu müqayisəyə də gətirmək olmaz. Həm də igid döyüşçünün, sərkərdənin altında adına layiq atı olmalıdır. O, bilirdi ki, Əbu Səidlə döyüşsüz qurtara bilməyəcəklər, ona görə də özünə təzə atlar seçməyi tapşırmışdı.
– Bu nədir, Əmiraxur, sənin gətirdiyin atların hamısı loş çıxır.
Əmiraxur qılıncını kətyan koluna silib qurtarandan sonra qınına salıb gəlirdi.
– Yaxşı atlarımız var, hökmdar.
– Gətirin görüm.
Əmiraxur göydəmir bir atı hökmdarın qarşısına çəkdi.
– Əsil Qarabağ atıdı. Özü də üçyaşar, cavandı. Yaxşı yorğası var.
Yorğa at yüksək qiymətləndirilirdi. Çünki hökmdarlar at üstündə ölkənin bu başından o biri başına dəfələrlə gedir. Təbrizdən Bağdada, Bağdaddan Qahirəyə, Qahirədən Şama, Şamnan Təbrizə, oradan Xorasana. Onun atı yorğa yerişli olmasa, yorub əldən salar. Onsuz da mehtərlərin yüyənindən tutub saxladıqları atların hamısı yorğa yerişli idi.
Uzun Həsən əlini Qarabağ atının islaq yalına, sarğısına çəkib onun xasiyyətinə bələd olmaq istəyirdi. Bu vaxt onlara tərəf qızılı bir ayğır təşəxxüslü bir qaçışla yaxınlaşıb kişnəyir, ayaqlarını yerə döyürdü.
– Əmiraxur, o ayğırı tutun.
Bir işarə bəs idi. Hər tərəfdən ayğırı dövrəyə aldılar. Ayğır adamların arasından sıçrayıb çıxdı. Bir neçə mehtəri də qabaq ayaqları ilə əzdi, təpiyi də birini tutub palçığın içinə uzatdı. Amma Uzun Həsən ona tərəf gələn ayğırı əldən buraxmadı. Alaçığın yanındakı atın yəhərindən kəməndi götürmüşdü. Kəməndi atmaqla ayğırın başına keçməyi bir oldu. Ancaq ayğır şahə qalxıb kəmənddən qurtarmaq istədi. Bir şey çıxmadı. Sağ ayağını irəli verən Uzun Həsəni də öz dalınca dartdı. O, sol dizini qatlamış, sağ ayağını yerə vermişdi. Amma ayğırı saxlaya bilmirdi. Ayağı palçıqda sürüşüb gedir, ayğır onu dartıb aparırdı. Haradansa qabağına bir daş çıxdı. Ayağını dirədi. Ayğır nə qədər güc verdisə, qurtula bilmədi. Şahə qalxdığı yerdə yanı üstə çökdü.
– Boğun bu ayğırı!
Mehtərlər tökülüb ayğırın boğazına daha bir kəndir atdılar, üçü bir tərəfdən, üçü də bir tərəfdən kəndiri dartmağa başladılar. Ayğır qalxmışdı. Ona gücləri çatmırdı.
– Nə olub sizə, çörək yeməmisiniz? – deyə Uzun Həsən hayqırdı. İpdən yapışan mehtərlər çoxaldı. Kəndir sıxıldı, ayğır boğulurdu. Bir azdan o, ayaq üstə dayana bilmədi. Gücü, qüvvəsi tükəndi. Ayaqları boşaldı, tir-tap yerə uzandı. Onun ağzından qan gəldi.
– Tez olun, başına yüyən vurun, belinə yəhər qoyun.
Hökmdarın tapşırıqlarını bir anda yerinə yetirdilər. O, tapqıra baxdı. Barmaqları tapqırın altına keçdi. Qayışı açıb bir ilgək də yuxarıdan bağladı. Yüyəni yalın üstünə keçirtdi.
Ayğır nəfəs almağa başlayan kimi ayağa qalxdı, Uzun Həsən də onun yəhərində. Bayaqkı qənşər, şux yerişindən əsər-əlamət qalmamışdı. Üstündə yük hiss eləyib şıllaqlamağa başladı. Bir şey çıxmadı. Artıq özünə gəlmişdi. Üstündəki yük onu elə bil ayıltmışdı. İndiyə qədər belə şey görməmişdi. Heç onun üstünə milçək də qona bilmirdi. Mozalan dişləyəndə ağız atırdı. Milçəkləri quyruğu ilə qovurdu. Amma indi belində ağır bir yük vardı. Ağzını atıb dişləmək istəyirdi, cəhənglərini dartan dəmir yüyən onu başını döndərməyə qoymurdu. Ayğır şahə qalxdı, amma üstündəki onu öz ağırlığı, hərəkətləri ilə qabaq ayaqlarını torpağa endirdi. Böyürlərinə iki ağır şey dəydi. Ayğır bu vəziyyətdən xilas olmaq üçün baş götürüb qaçmaqdan özgə çarə görmədi. Götürüldü, yəhərdəki də elə bunu istəyirdi. Yaş, sürüşkən kövşən yerində dəli bir qaçış başladı. Ayğırın dırnaqlarından palçıq parça-parça göyə tullanır, amma onların üstünə düşmürdü. Bu dəli sürətə çata bilmirdi.
Uzun Həsən qırğı kimi ayğırın yalına yatmışdı. Artıq onu ipə-sapa yatırırdı. Bir azdan o, sürəti bir az da artırdı. Həsənin əyan-əşrəfi də atlarına süvar olub ona çatmaq üçün çapır, amma yaxınlaşmaq əvəzinə daha da uzaqlaşırdılar. O, ayğırın başını buraxıb xeyli getmiş, ordugahdan uzaqlaşmışdı. Onun üzünü döndərib əks tərəfə dönmək üçün böyük bir qövs cızdı. Yenidən sürət artdı. Elə bil, Uzun Həsəni ayğırla bərabər mancanaqdan buraxmışdılar. Ən güclü pəhləvanın atdığı ox kimi süzürdülər. Bu sürət həm Uzun Həsənə, həm də ayğırın özünə xoş gəlirdi. Daha yəhərdən, yüyəndən süvaridən xilas olmağı da bəlkə istəmirdi. Çünki onu bir bu qədər yol qovan da olmamışdı. İndi var gücü ilə qaçırdı.
Uzun Həsən başını qaldıranda qabaqda böyük bir dəstə gördü. Beynindən ildırım kimi bir fikir keçdi. “Əbu Səidə köməyə gələn qoşun olar”. Belinə əl atdı, amma qılınc bağlamamışdı. Əmudu, təpəri, təbərzini, nizəsi də yox idi. Ayğır isə özünü gələn dəstənin üstünə atırdı. O, yüyəni nə qədər dartdısa da, ayğırın sürəti azalmırdı.
Birdən bir səs eşitdi:
– Dayı!
Bu səs ayğırı da diksindirdi. O şahə qalxdı. Uzun Həsən yüyəni yığışdırdı. Ayğır da sakitləşdi.
– Mənəm, dayı.
Bir atlı ona yanaşdı. Yağışdan qorunmaq üçün başına örtük salmış Şeyx Heydər idi.
– Gəldin?
– Gəldim, dayı. Özümlə də on min mürid gətirmişəm.
– On min?
– Bəli. Yolda Əbu Səidə köməyə gələnlərlə də vuruşduq. Beş min əsir tutmuşuq. Bütün arabaları qənimət almışıq.
– Bərəkallah, bacıoğlu. Səni ordugahda gözləyirəm.
O, atın başını döndərdi ordugaha tərəf, yüyəni buraxdı. Ayğır götürüldü. Yolda onun dalınca çapanların yanından keçib öz alaçığına çatdı, ayğırı saxladı. At bu dəfə də şahə qalxdı. Amma yorulub sakitləşmişdi. Ayaqlarını yerə qoydu, Həsən tullanıb yəhərdən düşdü. Nökər-naiblər atın cilovundan yapışdılar.
– Aparın gəzdirin, təri soyusun, – dedi.
Alaçığın qabağında on səkkiz-on doqquz yaşlı oğlu, boy-buxunda, sir-sifətdə atasına oxşayan Uğurlu Məhəmməd dayanmışdı. O, atasını görüb yaxın gəldi, əlini sinəsinə basıb baş əydi.
– Sənin işini mən görürəm də, oğlum, – deyə ona zarafat elədi. Amma zarafatı ciddi dedi.
– Atayi-mehriban, sənin işini görmək dərəcəsinə yetişməyimə hələ çox var.
O, əlini oğlunun çiyninə qoydu
– Sən mənə oxşayacaqsan. Buna gün kimi inanıram. Ora bax, – deyə bir az yuxarı qalxmış buludları göstərdi, – görürsən, buludlar günəşin qabağını kəsib. Amma bulud nədi, heç nə. O əriyib gedəcək. Günəş isə elə günəşdi.
Birdən onun gözünə bir dəstə qaz göründü. Buludların arasında qanad çala-çala ordugaha yaxınlaşırdılar.
– Tez, yay-oxu, alaçıqdan bura gətir. Özününkünü də götür.
Uğurlu Məhəmməd alaçıqdan atasının və öz yay-oxlarını gətirdi.
– Oğul, o qazları görürsən də.
– Hə, üç qazdı.
– Qabaqdakını mən nişan alıram, arxadakını sən. Xeyli vaxtdı Bozağoğlundan dərs alırsan. Görüm, necə atırsan.
Atası oğlunu həvəsləndirdi. Hər ikisi oxlarını hazırladılar. Qazlar uçub onların başı üstünə gələndə arxasında lələk olan oxlar yaylardan ayrıldı. Vıyıltı ilə yuxarı uçdu.
Ordugahdan heyrət nidaları qalxdı. Qazların ikisi də sinələrindəki oxlarla bərabər hərlənə-hərlənə gəlib yerə düşdü. Ata oğlunun qolundan tutub alaçığa apardı. Ata keçib taxtında oturmadı. Alaçığın ağzında palçıqlı məstlərini çıxartdı, naxışlı yun corabda xalçanın üstü ilə keçib döşəkcənin birinin üstündə bardaş qurdu. Oğlu da məstlərini çıxartdı. Ayaq üstündə qaldı.
– Gəl görüm, otur yanımda. Səninlə məsləhətləşmək istəyirəm.
– Eşidirəm, atayi-mehriban.
– Şeyx Heydər on min müridlə bizim köməyimizə gəlir. Bizim qüvvəmiz artır. Əbu Səidin əli-ayağı bağlanır. Biz indi ona rahatlıq versək, özümüzə qəbir qazarıq. Səni bir minbaşı kimi səfərə göndərmək istəyirəm. Gecəylə hücuma keçib düşmənə ağır zərbə vurub qayıdacaqsan. Görüm, sərkərdəlik qabiliyyətin də ox atmağın kimi olacaqmı?
– Baş üstə, atayi-mehriban. Mən hazır.
– Yüzbaşıları özün seç.
Bununla da ata ilə oğulun söhbəti qurtardı. Uğurlu Məhəmməd qalxdı. Elə çıxdı ki, arxası atasına tərəf düşmədi.
Bir aya yaxın çəkən yağışlar bir gecə qara çevrildi. Səhər hər tərəf ağ bir örtüyə bürünmüşdü. Sultan Əbu Səid qalxıb soyuq çadırda gərnəşdi. Yorğanı üstündən atıb isti paltar geyindi. Yaxasına, ətəyinə, qollarına samur xəzi tikilmiş xorasan kürkünə bürünüb çadırdan çıxdı. Yanı ilə onu kölgə kimi izləyən adamlara əhəmiyyət vermədən yeriyirdi. Ordugahın arasında iri bir şeyin üstünə qar yatmışdı və nə olduğu bilinmirdi.
– Bu, nədi belə?
– Fildi, Sultani əzəm. Ölüb.
– Fil ölüb?
– Bəli. O, isti yerin heyvanıdır. Qarabağın soyuğuna dözmədi.
– Soyuğuna yox, aclığa. Bütün günahlar səndədir, vəzir. Məni bu tələyə salan sənsən. Qarabağı da vermirdik, babamın iyini almağa gəlirdim. İndi fil leşinin iyini alarıq. Səltənəti sən məhv elədin.
Sara xatunu Əbu Səidin çadırına gətirən, sonra sultanın qulağına pıçıldayan vəzirin bu sözdən sonra dişi-dişinə dəyirdi. Soyuq da təsirini göstərirdi. O, Xorasanda belə soyuq görməmişdi. Üç gün dalbadal əsən külək birdən-birə qar gətirmişdi.
– Nə oldu elçilər?
– Elçilər əliboş qayıdıb.
– Necə? Qarabağı da, Azərbaycanı da, İraqi Əcəmi, İraqi Ərəbi, lap Reyi də veririk, Uzun Həsənin gözü doymur? O ki bizdən bir buranı istəyirdi.
– “Yox” deyib durub.
Ordugahdakı çadırlardan çıxan yox idi. Sultan elə bildi ki, qoşundan salamat qalanlar da onu tərk edib. Çadırlardan birinə girdi. Səsini çıxartmadı. Silahlı-əbləsəli oturub yuxuya gedənlərdən heç biri yerindən qımıldanmadı. Vəzir qışqırdı:
– Sultanı görmürsünüz?
Heç kimdən səs çıxmadı. Vəzir qapının yanında oturan əsgəri təpiyi ilə itələdi. Əsgər yıxıldı, başından dəbilqə düşüb o biri əsgərin sinəsindəki qalxan şəkilli zirehə dəyib cingildədi. Amma nə yıxılan, nə də onun toxunduğu qımıldanmadılar.
– Sultani əzəm, çıxın buradan. Vəba…
Sultan geri qayıtdı.
– Ölənlər də, xəstələr də yandırılsın!
– Baş üstə, – deyə əmirsipəhsalar dindi, amma sözünü dəyişdi.
– Odun yoxdu, Sultani əzəm.
Əbu Səid çadırına qayıtdı. Əmirsipəhsaları çağırıb qulağına nəsə pıçıldadı. O, çıxdı. Vəzir Sultanı danışdırmaq istədi, amma onun danışmağa həvəsi qalmamışdı. Bir azdan əmirsipəhsalar beş nəfər silahlı əsgərlə çadıra girdi. Vəzir deyəsən bütün bunların onun əleyhinə olduğunu görüb gah əmirsipəhsalara, gah da sultana baxdı. Özü qıc kimi olsa da, gözləri yerində oynayır, o tərəf bu tərəfə qaçırdı. Sultan üzünü əmirsipəhsalara çevirdi.
– Deyəsən vəzirimiz məşhur nəsildəndir.
– Bəli, Sultani əzəm, Barmakilərdəndir.
– Yalan desən də inanırıq. Barmakilərin kökü çoxdan kəsilib. Bir də onlar belə ağılsız məsləhət verməzdilər. Hər halda əsilzadəsən – Sultan bu sözdən sonra taxtının yanından asılmış yayını götürüb baxdı. Ucları ceyran buynuzundan düzəldilmişdi. Tutacağı qızıldan idi.
– Bu heyifdi. Bir yay gətirin, kirişi yoğun olsun. Vəzir Sultanın qabağında diz üstə çökdü, ona tərəf süründü.
– Sultani Əzəm, mən bütün Qaraqoyunlu mülkünü öz mülklərimizə qatmaq üçün belə məsləhət vermişəm. Mənə rəhminiz gəlsin. Mən sizə həmişə sədaqətlə qulluq eləmişəm. Şirvanşaha göndərdiyim elçilər qayıtsın, hər şey yaxşı olacaq. İnandırıram sizi.
– Şirvanşah?.. Nə vaxt göndərmisən?
– Bir həftədir. Bu gün gələcək.
Sultan çadırın açıq qapısından baxdı. Gördü ki, bir atlı çapa-çapa gəlir. Atdan buğ qalxır. Onun ata paxıllığı tutdu. Gör necə canı istidi ki, buğlanır. Mən bu qədər paltarın içində donuram. Atlı gəlib çadırın yanında yəhərdən aşırıldı.
– Gəldi, elçi, gəldi elçi. – İcazə verin içəri gəlsin.
– Gəlsin.
Elçini çağırdılar. O, içəri girib əlini döşünə qoyub baş əydi, belindəki əyri qılınc qalxıb çadıra toxundu.
– De görək nə xəbərlə gəlmisən?
– Bəd xəbərlə gəlmişəm, Sultani əzəm. Şirvanşah…
– Hanı məktubu?
– Məktubu yazmağı da lazım bilmədi. Dilcavabı buyurdu. Dedi ki, bəs mən Sultan Əbu Səid həzrətlərinə həmişə kömək eləmək istəyirdim. Babam da onun babasının sayəsində hökm sürmüşdü. Amma qorxuram. Uzun Həsən məktub yazıb. Yazıb ki, baban Şeyx İbrahim Teymurləngə hədiyyənin hamısını doqquz dənə aparmışdı, qulu səkkiz. Əmir Teymur soruşanda ki, qul niyə səkkizdi, demişdi, mən də doqquzuncu. İndi nə Əbu Səid Teymurləngdir, nə sən Şeyx İbrahim. Ona ərzaq göndərsən, qoşun versən, kömək eləsən, Şirvanı yerlə-yeksan eləyəcəm.
– Sən mürəxxəssən.
Elçi getdi. Vəzirin rəngi çadırın parçası kimi ağarmışdı. Bu vaxt yay dalınca gedən əsgər qayıtdı. Sultan əmirsipəhsalara işarə etdi.
– Mənim gözümün qabağında. Qədim adətimizlə yayın kirişiylə. Qoy bu satqın mənim ölümümü yox, mən onun ölümünü görüm. Əmirsipəhsalar əsgərlərə işarə elədi. İkisi vəzirin qollarını burdular. Əmirsipəhsalar arxa tərəfində dayanıb yayın kirişini onun hulğumuna söykədi, yayın əyri uclarından tutub var gücü ilə özünə tərəf dartdı. Vəzirin gözləri hədəqəsindən çıxıb çevrildi, bir neçə andan sonra onun qolları boşaldı, rəngi qaraldı.
– Hazırdı, Sultani əzəm.
– Görürəm. Sürüyün meyitini atın düzün ortasına. Canavarlar…
– Sultani əzəm, axı o əsilzadə nəslindəndi, müsəlmandı.
– Yaxşı, nə eləyirsiniz, eləyin. Qoy bu işi əsgərlərin görsün. Səni özgə yerə göndərəcəm. – Əsgərlərdən ikisi vəzirin meyitini büküb apardılar. O birilər də çıxdı.
Sultan gedib taxta oturdu, sifətini ovucları arasına aldı. Xeyli fikirləşdi, sonra fikirlərinə qarşı elə bil üsyan elədi. Ayağa qalxdı.
– Haradasan, ulu baba, haradasan? Ya bizi yaratmayaydın, ya da öz ağlından bizə də verəydin. Sən dünyanın ən böyük hökmdarlarını əlində oyuncağa döndərmişdin, indi mən, sənin nəvən bir tərəkəmə bəyinin əlində əsir-yesir qalmışam. Diril, başını qaldır, mənə bir yol göstər.
Əmirsipəhsalar quruyub qalmışdı. Sultanın acizliyi onun bütün ümidlərini qırmışdı. Amma bu dar macalda ona kömək eləmək istədi.
– Ya Sultani əzəm, bir çıxış yolu var.
– Hanı o çıxış yolu?
– Salamat qalan qoşunu yığaq, Xudafərin körpüsündən keçək.
– Yox, əmir. Mən bir bəyin qabağından qaçmağı qeyrətimə sığışdıra bilmirəm. Məni o Şeyx Heydərin cəddi bu kökə saldı. Babam onlara biət eləmişdi. Nəzir-niyaz verirdi. Mən bu keçisaqqala uyub onun sözünü yerə saldım. Mənə bu da azdır. Anamı bura çağırın.
Bir azdan sultanın anası onun çadırında idi. Qollarını qoynuna qoymuşdu. O, Sara xatundan yaşlı olardı, arıq, ucaboy, sifətində qırışlar yol salmış qadın idi. Sadə geyinmişdi, üstündə heç bir bəzək-düzək yox idi.
– Anamdan başqa hamı çıxsın.
Soyuq çadırda ana və oğul qaldı.
– Vəziyyətimizdən xəbərin var? Heç bir çıxış yolu yoxdu. Uzun Həsənin gücü mənim gücümdən xeyli çoxdur. İstəsə, günü bu gün hamını qılıncdan keçirər. Bir heyfi yadından çıxarda bilmir. Mən onun anasını “yox” cavabı ilə yola salmışdım. Bilir ki, mənim də anam yanımdadır. Sən hazırlaş, Sara xatunun yanına get. De ki, mən kişilərlə yox, Sara xatunla görüşməyə gəlmişəm. İkiniz də anasınız. Danışın, o, səni başa düşər. Alicənab qadındır. Sonra da Ərdəbil şeyxinin nəzirini apar. De ki, Teymurdan bəri neçə illərdi biz babanın türbəsinə nəzir verməmişik. Gətirmişəm. O nəsillə oyun oynamaq olmaz, mən oynadım. Bu da axırı.
Bizə yol versinlər, keçək gedək yurdumuza. Cəhənnəm olsun Qaraqoyunlu mülkündən gələcək xeyir… Mən bir də üzümü bu tərəflərə tutmaram. Dilini Sara xatun kimi şirin elə. De ki, köhnə dostluğu təzələyək. Qohum da olarıq. Uzun Həsənin gərək ki, qızı olmamış olmaz… Mən lap ağlımı itirirəm.
Anası oğlunun acizliyinə acıdı.
– Oğul, Teymur nəslindən bir xatun, düşmən qapısına gedib iltimas eləməyib.
– İndi ayrı zamandı, ana. Onlar göndərmişdi, mən də göndərirəm. Əvəz-əvəz. Uzun Həsən də daha bəy deyil.
O sultanlıq qazandı. Sultan Uzun Həsən… İstəyirsən, məktub da yazım.
– Oğul, bir ölümdən ötəri səltənətimizin şərəfini ayaq altına atmaq bizə yaraşmaz. Məktub yazma. Mən Sara xatundan özgə heç kimlə görüşən deyiləm. Bu sözləri də öz bildiyim kimi… Yenə sənin xətrinə…
Uzun Həsənə deyəndə ki, bir qadın elçilərlə onun yanına gəlir, əlini göylərə qaldırdı:
– Şükür sənə tanrı. Ulduzumuzun işığı varmış, o hələ sönəsi deyilmiş. Məni xəcalətdən də, dar ayaqdan da qurtardı.
Elçiləri alaçığa gətirdilər. Parança geymiş qadın ayaq üstündə qaldı. Onunla gələn əmirsipəhsalar təzim edib Uzun Həsənə dedi:
– Sultan Uzun Həsənə, Sultan Əbu Səiddən salamlar var. Anası möhtərəm ananız Sara xatunla görüşməyə gəlib.
Uzun Həsən artıq onun sultanlığını qəbul etmiş Əbu Səidin razılığını, təsdiqini bildirən bu xəbərdən xeyli məmnun oldu. Hələ Təbriz taxtına çıxmamış, özünü sultan elan eləməmiş, adından sikkə kəsdirməmiş, xəlifənin onun adını xütbəsində yad etməmiş bu adı qazanmışdı. Göstəriş verdi.
– Ananı anamın çadırına aparın.
Sara xatun onu böyük ləyaqətlə qarşıladı. İkisi yanaşı oturdular. Söhbət qızışdı.
Əbu Səidin anası dedi:
– Yaxşı bilirsən ki, mən Teymur nəslindənəm. Məni öz ayağınıza gətirməyiniz o nəslə hörmətsizlikdən başqa bir şey deyil.
Sara xatun ağ birçəyini çənəsinin altında birləşən qızıl arpa zəncirin altına saldı.
– Əvvəla çağırmamışıq. Özün gəlmisənsə, xoş gəlmisən, gözümüz üstündə yerin var. Bir də ki, ay bacı, fələyin nərdivanı yaman şeydi, qaldırdığı kimi endirməyi də var. Heç kimdə borc, heç kimdə qisas qoymur. Mən keçən dəfə gələndə Teymur qapısına ehtiyacdan gəlməmişdim. Biz onda ölümə də hazır idik. Birdən-birə hər şey döndü. Oğlun otu qurumuş Qarabağı da bir qışlığa bizə qıymadı.
– O, vəzirin fitvasıydı, o da öz cəzasına çatdı. İndi Qaraqoyunluların bütün mülklərini, taxtı-tacı ilə bərabər oğluna verir oğlum. İndi nə istəyir?
– Yox, elə deyil. Teymurləng rəhmətlik sağ deyil ki, onun ağzıyla danışalar. O səltənəti oğlum alıb. Sultan Əbu Səid vermir. İmkanı olsa, verməzdi də. Hər ikimiz anayıq. Sənə öz oğlun, mənə də öz oğlum əzizdir. Heç vaxt məsləhət görməzdim ki, oğluma səltənət bağışladığınızı deyəsiniz. Səltənəti oğlum qılınc ilə qazanıb. Bu torpaqlara da Xorasandan gəlib sahib çıxmaqdansa, Təbrizdə oturan tərəfindən idarə olunmağı daha düzgün yoldu. Buna mənim oğlumun haqqı, sənin oğlunun haqqından çoxdur.
– Teymur sağ olanda belə danışmırdınız. Şahruxun vaxtında da səsiniz çıxmırdı.
– Daha bəsdi də, nə qədər dözmək olar.
– Sizin nəsil ki, Teymurun xidmətində olub.
– Bəli, olub. Oğlun həmin dostluğu bizdən qabaq yaddan çıxarıb.
– İndi nə deyirsən? Qonağı belə qarşılayarlar. Mənim oğlum səni belə qarşılamamışdı axı.
– Düzdü. Ancaq deyilən sözün cavabını alırlar. Sultan Əbu Səid oğluma qılınc bağışlamışdı. Qınından çıxmayan qılınc. Demək istəyirdi ki, sənin qılıncın qında pas atmalıdı.
Anaların söhbəti baş tutmurdu. Sara xatun da yumşalmaq, ona yaxşı sözlər demək istəyirdi, amma heç nə alınmırdı.
Əmirsipəhsalar örtüyün arasından çıxardığı tacı aparıb Uzun Həsənə uzatdı və təzim edərək dedi:
– Bu sultanlıq tacını Sultani əzəm, Əbu Səid sənə göndərib.
Uzun Həsən tacı götürmədi:
– Hədiyyəni geri qaytarmaq adətdən kənardı. Amma mən Sultan Əbu Səidin bəylərbəyisi deyiləm ki, başıma tacı o qoysun. Mən o tacın ağırlığından artıq qurtarmışam, – dedi.
Elçiləri yola salandan sonra Uzun Həsən əyani-əşrəfini yığdı. Anası sağ tərəfində, Şeyx Heydər sol tərəfində oturmuşdu.
– Əbu Səid bizim əlimizdən heç yana qaçıb qurtara bilməyəcək. Mən hamının fikrini bilmək istəyirəm. Süleyman Bicanoğlu, söz sənindir.
Süleyman Bicanoğlu onun cavan sərkərdələrindən idi.
Bardaş qurub oturmuşdu. Hökmdarın sözündən sonra ayağa qalxdı.
– Düşməni basmışıq, kəsmək bir göz qırpımının işidi. İndi biz nə eləməliyik? Əlimizi saxlamalıyıq, yoxsa?… Elə bilirəm ki, Teymur övladına əl qaldırmaq günahdı. Onu hörmət-izzətlə yola salmaq yaxşı olardı.
Süleyman Bicanoğlu oturan kimi onun yanında, bığ yeri təzə tərləyən, amma boy-buxunda nataraz Əbih Sultan söz istədi. Onun da atası Diyarbəkr bəylərindən idi. Böyük bir dəstə ilə Uzun Həsənin xidmətinə gəlmişdi.
– Həsən bəy, biz Əbu Səidi əhli-əyatı ilə Xorasana göndərsək, oradan üstümüzə yüz minlik ordu gələcək. Əgər təkbaşına göndərsək, onda ağlaşma səsiylə göz yaşından özgə heç nə eşitməyəcəyik.
Danışanlar çox oldu. Hamısı da bu iki fikirdən birinin tərəfini saxlayırdılar. Sara xatun oturduğu yerdən danışmağa başladı.
– Ey Ağqoyunlu övladları. Cahan şah basılanda hamınız sevinirdiniz. Sevindiniz ki, qədim qan düşmənindən intiqam aldınız. Hələ, heç biriniz Qaraqoyunlu səltənətinin dönüb Ağqoyunlu səltənəti olduğuna inanmırdınız. Çünki Teymur nəvəsi Əbu Səid üstümüzə gəlirdi. Onu Şeyx Heydərin ağıllı, müdrik məsləhəti ilə bu günə saldınız. Ağqoyunlu sülaləsi vardı. Amma bu gün o sülalənin oğlu Uzun Həsənin qarşısında sultanlıq taxtı boşdur. Ağqoyunlular hələ belə yüksək məqama çatmamışdı. Burada oturan bəylərin hamısını böyük işlər gözləyir. Hər biriniz bir vilayətin hökmdarı olacaqsınız. Dərbənddən başlamış Bağdada, Diyarbəkrdən tutmuş Xorasana qədər olan bir ölkə sizin ixtiyarınızdadır. Onu əldə möhkəm saxlamaq igidliyinizdən, sədaqətinizdən çox asılı olacaq. Düşmən əlinizdədir. Bir hücumla ələ keçirə bilərsiniz və keçirməlisiniz. Düşməni əldən qaçırsanız, sonra çox qan töküləcək. Mən deyirəm ki, Sultan Əbu Səid tutulub girov saxlanmalıdır. Onu Şeyx Heydərin müridləri Ərdəbildə saxlayar. Qoy ömrünü ibadətlə başa vursun.
Uzun Həsən anasının sözlərinə qüvvət verdi.
– Axırıncı döyüşü Şeyx Heydərə və onun qazi-müridlərinə tapşırıram. Bacım oğlunun mükafatı böyükdür. Ən böyük mükafat isə… – O bir an susdu. – Qızım Aləmşahbəyimlə Şeyx Heydərin toyu Əbu Səid tutulandan sonra başlayacaq.
Əbih Sultan yerində qurcuxdu. O, Aləmşahbəyimi görmüşdü və gözəlliyinə heyran qalmışdı. Həm də Uzun Həsənin damadı-kürəkəni olmaq ona daha geniş yollar aça bilərdi. Amma bu imkan əldən çıxdı.
Şeyx Heydər qızardı və başını aşağı dikdi. Sonra ayağa qalxıb dayısına baş əydi.
– Müridlərim hazırdı. Əbu Səid sənin qulluğunda qolubağlı qul kimi dayanacaq…
Bu qələbəni Şeyx Heydərlə Aləmşahbəyimin toyu ilə şənləndirdilər. Uzun Həsənin qızı əri ilə Ərdəbildə qaldı.
İki atlı dağlardan enib Ərdəbilə gedirdi. Onlardan biri Şeyx Heydər idi ki, xeyli yaşlaşmışdı. Toy günündən on ildən artıq bir vaxt keçirdi. Sifətini qara saqqal və bığ örtmüşdü. Sifətindəki uşaqlıq cizgiləri itmiş, o, kişiləşmişdi. Qətiyyət indi onun çöhrəsinə daha çox yaraşırdı. Qiyafəsində də dəyişiklik vardı. Şeyxliyi təkcə çalmasından bilinirdi. O, daha çox pəhləvana və cəngavərə oxşayırdı. Çiyinləri enləşmiş, əlləri irilib kobudlaşmışdı. Qollarının əzələsi böyümüşdü.
Bu on ildə çox dəyişiklik olmuşdu. Sara xatundan sonra Ağqoyunlu dövlətini yaradıb və möhkəmləndirən, Avropada fütuhatla məşğul olan Fateh Sultan Məhəmmədlə belə iki dəfə böyük meydan müharibəsi aparan Uzun Həsən ölmüşdü. Taxta da oğlu Xəlil keçmişdi.
Şeyx Heydər elə bu barədə fikirləşirdi. Dayımın hər işdə bəxti gətirsə də, övladda, ələlxüsus oğlanlarda bəxti gətirmədi. Böyüyü Uğurlu Məhəmməd əvvəllər atası ilə danışanda qız kimi pörtüb qızarırdı. Sonra onun sağ əli, sərkərdəsi oldu. Yaman yeyənin olsun, yaman deyənin olmasın. Acı, zəhərli ilan dillər onu yolundan çıxartdı. Atasının üzünə ağ oldu. Qaçıb Fateh Məhəmmədə sığındı. Onun qızı ilə evləndi. Uzun Həsənin ürəyi partlamasın, nə eləsin? Qırxı çıxmamış Səlcuqəşahbəyim oğlu Xəlili taxta çıxartdı. Rəhmətlik Sara xatun deyərdi ki, bu səltənəti Səlcuqəşahbəyim dağıdacaq. Budur, bu gün də müridləri Şeyx Heydərə xəbər gətirmişdilər ki, Səlcuqəşahbəyimin kiçik oğlu Yaqub qardaşı Xəlili öldürüb, onun yerinə keçib. Anası da bir gözü ilə şəhid olmuş oğluna ağlayır, bir gözü ilə isə kiçik oğlunun qurğusuna görə gülür. Yaqub Mirzə indi olub Sultan Yaqub.
Hələ cavanlıqda onunla Yaqubun söhbəti tutmamışdı. Dayısı oğluna əlifba öyrədir, təhsil verirdi. Heç vaxt da onun tapşırıqlarına əməl eləmirdi.
– Dayıoğlu, oxu, öyrən, lazım gələr.
– Mən sultan oğluyam. Əvvəl-axır, mən taxta çıxacağam. Şah, hökmdar oğlu doğulmayanlar dərd çəksin.
Heç vaxt onun sifətində özünə qarşı mehribanlıq görməmişdi. İndi o qardaş qatili hakimiyyətə keçib. Bundan sonra bibisi oğluna da kəm baxacaq.
Şeyx Heydər isə öz işini bilən adam idi. O, gününü hücrələrdə keçirmirdi. Bilirdi ki, vaxt gələr, onu da atası Cüneyd kimi Ərdəbildən didərgin salarlar. Çünki bu nəslin hörməti çox vaxt hökmdarların hörmətindən üstün olub. Hökmdarlar onların ayağına gəlib, onların əllərini öpüb, onlardan xeyir-dua istəyib. Bəzi hökmdarlar isə onları sevməyib, səltənət içində səltənətə öyrəşə bilməyib. Qaraqoyunlular Şeyx Cüneydi buradan didərgin salmamışdılarmı?! Məcbur olub Diyarbəkrə, oradan Qaramana, Zülqədər oğullarına getmişdi. Uzun Həsənin atası Cahangir bəy onunla ülfət bağlayıb qızını da ona vermişdi. Bu on ildə Şeyx Heydərin hörməti də, şöhrəti də xeyli artmışdı. Uzun Həsən Fateh Sultan Məhəmməddən sonra dünyanın ən böyük dövlətinin başçısı idi. Onunla qonşu ölkələrin hökmdarları qohum olmaq üçün hər şeydən keçərdilər. O isə qızını Ərdəbil şeyxinə vermişdi. Həm səltənət, həm də baba şöhrəti onun hörmətini, şanını-şöhrətini artırır, səfəviyyəyə qoşulan müridlərin sayı gündən-günə artırdı. Dar-ül-irşada yığılan nəzir-niyaz padşah xəzinəsinə yığılan gəlirlərə yaxınlaşırdı. Bu qədər əmlakı kasıblara, fəqir-füqəraya paylamaqla qurtarmaq mümkün deyildi. Şeyx Heydər həmin pulla çoxlu silah alıb yığırdı. Özünün nəhəng qurxanası vardı ki, onunla bir dəfəyə iyirmi min müridi silahlandıra bilərdi. İlxıları alıb artırırdı ki, süvarinin sayı çox olsun.
İndi də dağlardakı düşərgədən qayıdırdılar. Müridlər orada məşq keçir, silah oynadır, at çapır, ox atır, hərbin sirlərini öyrənirdilər.
Heydərlə yanaşı gedən adam onun dostu Hüseyn bəy idi. O da şeyx yaşda, ancaq ondan bir az arıq, dirigözlü, qırğıbaxışlı cavan idi. Şeyxin müridləri ordusunun əsas sərkərdələrindən idi.
Hüseyn bəy dilləndi:
– Nə fikrə getmisən, Şeyx.
– Dünya gözlərimdə beş qara axçadan da dəyərsiz görünür. Deyirəm, gör kimin yerinə kim gəlir. Ağac ağacdı, kəsirsən, pöhrə verib yenə elə həmin ağac olur. Meyvəsi, barı da həmin. Amma insan niyə belədi. Oddan kül törəyir. Uzun Həsənin oğlu Uğurlu Məhəmməd atasına, elinə-gününə satqın çıxır. Bir qardaş taxt üstündə o birisini öldürür.
– Şeyx, sən ki dünyanın gərdişini yaxşı bilirsən. Odur, Teymurun övladları da atalarına oxşaya bilmədilər.
– Bunun sirri nədədir?
– Qadında, deyə Hüseyn bəy dilləndi. Kişi nə qədər kamil, güclü olsa da, o qadın zəifliyi ilə birləşir. Bu ikisinin birliyindən yaranan nə qədər ataya oxşayırsa, bir o qədər də anaya oxşayacaq.
– Sənin sözlərində də həqiqət var. Doğrudan da Səlcuqəşahbəyim Uzun Həsənin tayı deyildi. Yaqub Mirzə də, atasından çox anasına çəkib. Başlayacaq bizi burunlamağa. Dar-ül-irşadın şöhrəti onu dəli eləyəcək. Onsuz da, mənim atamın qatili Şirvanşahla qohumdur.
– Bəli, acıdı, ancaq həqiqətdi.
Şeyx Heydər yorulmuşdu, tezliklə evə qayıtmaq, Aləmşahbəyimin kefini soruşmaq, oğlu Sultanəli ilə oynamaq, yorğunluğunu unutmaq istəyirdi. Amma bu xəbərdən sonra kefi pozuldu. Atın başını çəkdi:
– Geri qayıdıb şəhərdən çıxaq, – dedi.
Hüseyn Lələ bəy bir şey demədi. Onlar dar küçələrdən çıxıb gəldikləri yolla qayıtdılar, bir cığıra dönüb təpədəki qayanın üstündə bitən palıd ağacının yanına gəldilər. Atlardan düşdülər. Daha doğrusu Heydər nə edirdisə Hüseyn bəy də onun hərəkətlərini təkrarlayırdı. Heydər qalxıb palıdın altında, qayanın üstündə oturdu. Buradan Ərdəbil ovuc içi kimi görünürdü. Uzaqda Dar-ül-irşadın kaşı günbəzində günəşin işığı bərq vururdu. Heydər bir az fikirləşib belindən xəncərini çıxardı. Baş barmağına çəkdi. Qan çıxdı.
– Kəs barmağını.
Hüseyn bəy də öz xəncəri ilə eynilə barmağını kəsdi. Qan axıb getdi.
Heydər saqqalından bir neçə tük çəkdi, Hüseyn bəy də. Sonra Heydər həmin tükləri bir-birinə düyünlədi. Hər ikisinin qanında islatdı. Qayanın yarığını gözləri ilə axtarıb tapdı və sözə başladı:
– İndiyə qədər biz əməl yoldaşıydıq. Bu gündən oluruq qardaş, dost. Qoy bizim dostluğumuz bu tüklərin düyünü açılana qədər, qanlarımız biri-birindən ayrılan günə kimi davam etsin.
– Amin.
– Hüseyn bəy, bu gündən səni oğlanlarıma lələ seçirəm. Onların təlimini, tərbiyəsini sənə tapşırıram. Sultanəlinin, İbrahimin, İsmayılın.
Bu, dostluqda ən yüksək məqam idi. Hüseyn bəy qədim oğuzların andını təkrar elədi:
– Bu dostluğa dönük çıxsam, qılıncıma doğranım, oxuma sancılım.
– İndi səni babam Şeyx Səfinin batini fikirləri ilə tanış eləyə bilərəm. O deyir ki, dünya nurdan yaranıb. Allah da nurdu, onun yaratdıqları da nurdu. Demək, insan da nurdan ibarətdir.
Hüseyn Lələ bəy (artıq o, ləqəb qəbul etmişdi) dostunun sifətinə baxıb orada sanki qəzəblə alovlanan nur, işıq görürdü.
– İnsan da nurdan ibarətdirsə, demək, o, nurun, Allahın əksidir. Söz yox ki, insan nur, əməli təmiz, qəlbi pak insanlardır. Onlar öz yaradıcıları ilə birləşirlər ki, bu da insanı bir-biri ilə bərabərləşdirir. İnsan da iki cürdür: kamil və qeyri-kamil. Qeyri-kamillər nur parçası ola bilməz. Nur olması üçün o, əslən də, mənən də, daxilən də, xaricdən də pak olmalıdır. O nur-insanlar öz tərəfdarlarını artırmaq üçün iş görməlidir. Bu, yalnız kökünü açdığım sirr batindir və onu bizim ocağa sənin kimi ən yaxın olan dostlara açıram. Bunu ilk eşidən də sən olmusan.
Hüseyn Lələ bəy onunla mübahisəyə girişmədi. Çünki indi Səfəviyyənin mənəvi başçısı odur, onun dediyi həqiqətdir və bu sirri dərk etmək üçün hələ çox düşünmək lazım gələcək.
– İndi biz tədbir görməliyik. Sultan Yaqub bizə güc gəlməmiş, öz işimizə başlamalıyıq. İşlər ki, belə gedir, Ağqoyunlu xanədanı dağılacaq. Onun çox ömür sürməsinə heç nə kömək edə bilməz. Xanədanın dağılması bədbəxtlik deyil. Ölkəni, xalqı xilas eləmək vacibdir.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/farman-kerimzade/xudaf-rin-korpusu-68386216/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.