Pənahəli xan

Pənahəli xan
Fərman Kərimzadə
Azərbaycan ədəbiyyatı
Tarixi həqiqətlərin bədii ifadəsi olan bu əsər Qarabağ xanlığının qurucusu və ilk xanı Pənahəli xanın (1693-1763) həyat və mübarizəsindən bəhs edir.

Fərman Kərimzadə
Pənahəli xan

1
Qartal qocalmışdı. Yaman qocalmışdı. Ona elə gəlirdi ki, yumurtadan çıxıb üç yüz ilə yaxın bir müddətdə yaşadığı yuva həmin yuva deyil. Bir vaxtlar üzərindən uçduğu dərələr, düzlər, kəndlər, sonradan əmələ gələn şəhərlər daha görünmürdü. Çünki qoca qartalın gözlərinin işığı azalmışdı. Boynunun tükü tamam getmiş, lələkləri də seyrəlmişdi. Amma caynaqları iti idi, dimdiyi sanki poladdan tökülmüşdü. Gözlərinin işığı azalsa da, o yumulu bəbəklərdəki heybət, özünə inam azalmamışdı. Bütün ətraf zirvələrdəki qartallar onu özlərinə böyük, ağsaqqal bilir, onun üstünə məsləhətə gəlir, yaxud təzə xəbərlər gətirirdilər. Ancaq nədənsə qoca qartal son vaxtlar bu xəbərlərə inanmaq istəmirdi.
İndi də yeni xəbər gəlmişdi. Demişdilər ki, düz altı yerdən çıxan qoşunlar biri-birinin üstünə gedir. Dünyadan qan iyi gəlir.
İnsanların atıb getdiyi qalanın dibində yuva qurandan qoca qartal çox qırğınlar, çox müharibələr görmüşdü. Onun bütün nəsilləri bu qırğınlar hesabına yaşayıb artmış, heç nədən korluq çəkməmişdi. Odur ki yeni qan-qada gözlənildiyini eşidəndə qoca qartal hiss elədi ki, bu onun sonuncu şikarı ola bilər…
Qartallar yuvalarında ölmürlər. Hələ indiyə qədər bir insan yuvada ölən qartal görməyibdir. Bu, qartal sirridir.
Qoca qartal ilk döyüşü lap cavan yaşlarında görmüşdü. Böyük bir düzdə qırmızıpapaq döyüşçülərlə silahlarından od püskürən ordu üz-üzə dayanmışdı. Amma orada qartalın caynağına heç nə keçmədi. Döyüş qurtaran kimi ölənləri yığıb kəmali-ədəblə dəfn elədilər. O vaxt qartalların öncülü demişdi:
«Bu, iki qardaşın müharibəsidir. Sağlıqlarında düşmən olurlar, öləndə qardaş».
Sonuncu xəbəri gətirən zaman isə qoca qartal soruşdu:
– Bu gələnlər kimlərdir?
– Bilmirik. Altı ləşkərdi. Qırğız dağları ilə Ağrı arasında bir-biriləri ilə üz-üzə gəlmək üçün yol keçirlər.
Qoca qartal fikrə getdi. Aşağı sallanan sağ qanadını yığdı, öz-özünə pıçıldadı: «Bu dağların arasında mən indiyə qədər bir-birinə düşmən olanları görməmişəm. Yəqin ki, onlar da qardaşdırlar…»

2
Əsgəran qalasının qapıları açıldı. Qara zurnanın çaldığı cənginin sədası atları da, at belindəki igidləri də cuşa gətirmişdi. Bürclərdə görünən qız-gəlin səhəng-səhəng suyu daşıyıb buraya çıxarmışdılar və üstü Quran ayəli mis camlardakı suyu onların arxasınca atır, onlara uğurlu səfər arzulayırdılar.
Qabaqda Pənahəli xanın Bəhmənli-Sarıcalı igidləri köhlən belində gedir, günəş onların çiyinlərindən asdıqları gümüşə və sədəfə tutulmuş tüfənglərində, bellərindəki gümüş xəncər və kəmərlərdə bərq vururdu. Onların aralığa aldığı Pənahəli xanın xəncəri də, kəməri də qızıla tutulmuşdu. O, başına xurmayı qaragül dərisindən tikilmiş Qarabaği papaq qoymuşdu. Papağın arxasından topqara birçəkləri əyilib-qalxmışdı. Ağ Qarabağ atı oyum-oyum oynayırdı.
Xanın arxasınca onun məiyyəti, sonra isə atlı və piyada qoşunlar gəlirdi. Ordunun qarşısında ələmlər və tuğlar, Qarabağ xanlığının bayrağı aparılırdı.
Qarabağda indiyə qədər çox bayraqlar dalğalanmışdı. İndi isə onun öz bayrağı vardı. Yaşıl bayrağın üstündə toqquşan iki qılıncın şəkli qızıl saplarla işlənmişdi. Bunun da öz mənası vardı. Əvvəla, islam dünyasına bağlılıq və həmişəyaşarlığına görə əbədiyyət rəmzi idi. İkincisi də, Qarabağın rəngini həmişə yaşıl görmüşdülər. Qılıncların toqquşmasının da səbəbi vardı. Burada dünyanın ən böyük cahangir və sərkərdələri qılınc çalmışdı. Teymurləng Qarabağı çox sevirmiş. Bu elə-obaya məhəbbətindən burada qan tökməmiş, Qarabağda müharibə aparmamışdı.
Bir dəfə yaz çağı Teymurləng köç əmri verir. Amma vəziri ona pıçıldayır:
– Əmir Teymur, çadırın üstündə qaranquş yuva qurub. O yuvanı dağıdaq?
– Yox. Çadır qalsın biz köçək.
Teymurləng köçür. Amma çadır qalır. Qızıl dirəkləri olan çadırı elə-belə atıb getmək olmazdı. Odur ki Teymurləngin çıxdığı Bərəs tayfasından olan candarlar çadırın keşiyini çəkməyə davam edirlər. Bu keşikçilər Teymur ölənə qədər çadıra, onun sahibi-ixtiyarına sədaqətli olurlar. Həmin Bərəs tayfasından qalan igidlər sonradan kənd salır, həmişəlik Qarabağda, Sultanbud meşəsində qalır, böyüyüb elat olurlar. Onlara bir dəfə Səmərqənddən xəbər gəlir ki, niyə dünya malından[1 - Bərəs tayfasının yaşadığı Dünyamalılar kəndi indi ən abad və gözəl kəndlərdən biridir.] ötəri vətəndən didərgin düşüb Qarabağda qalırlar. Onlar da cavab göndərirlər ki, biz hələ də Əmir Teymurun əmrini yerinə yetiririk. Dünya malında da gözümüz yoxdur. Gəlib çadırı apara bilərsiniz.
Çadır qədim, tökmə təpənin üstündə qurulubmuş. Adına da həmin çadıra görə Saray təpəsi[2 - Saray təpəsi indi də durur.] deyirmişlər.
Amma Teymurləngdən əvvəl Qarabağı monqollar xarabazara çevirmiş, gözəl Beyləqanı dağıdıb yerində arpa səpmişdilər.
Qarabağ xanlığının bayrağı üstündəki qılınclar həm də Pənahəli xanın Qarabağı qılınc gücünə xanlıq etməsinə bir işarə idi.
Qarabağdakı elatların hamısı kimi Pənahəlinin da elatı yayda yaylağa, qışda arana qayıdırdı. Yaylaqları Turşsuda, qışlağı Araz kənarındakı Bəhmənlidə idi.
Bir gün tale onu Əfşar tayfasının başbiləni Nadirlə görüşdürdü. İran mülkü şahsız qalmışdı. Çünki Səfəvilərin sülaləsi bitmişdi. Hakimiyyətə yeni bir sülalə gəlməli idi. Qılınc gücünə, qan hesabına taxta şah çıxartmaq hamını yormuşdu. Odur ki bütün böyük tayfalar sözü bir yerə qoydular: seçki ilə şah seçsinlər. Tayfaların başbilənləri Suqovuşanda, Kürlə Arazın qovuşduğu yerdəki Qalaçayı kəndinə yığışmağı məsləhət görmüşdülər. Sarıcalı-Bəhmənli elinin də ağsaqqalları Qalaçayına yollanmışdı. Tayfanın sayıb-seçilən igidi Pənahəli da onların arasında idi.
Qalaçayına gələnlər arasında Əfşar, Qacar, Ustaclı və digər tayfaların sayı daha çox idi. Hər tayfa ağsaqqalının yanında silahlı adamlar var idi. Amma əvvəldən belə razılığa gəlmişdilər ki, bu silahlardan yalnız ağsaqqalı qorumaq üçün istifadə olunacaq. Tayfa tayfaya qarşı silah qaldırmayacaq. Hər şey məsləhətlə həll ediləcək.
Pənahəli xoş bir yaz günündə yaxın dostları ilə Kürlə Arazın qovuşduğu yerə getdi.
Lilli Araz nisbətən duru Kürlə qovuşur, amma uzun müddət onlar bir-birinə qarışmadan iki rəngdə axırdı.
Onlar atlarını bağlayıb çayın kənarına endilər. O sahildən üzüb gələn bərə suları yara-yara onlara yaxınlaşırdı. Sahildə isə başqa bir dəstə də ayaq saxlamışdı. Pənahəli onlara salam verdi. Salamı alanda ləhcəsindən onların şəkili olduqlarını bildi. O, Şəki barəsində çox eşitmiş, bu şəhərin tacirləri ilə sövdələşmişdi də.
Pənahəli digər dəstədəkilərlə söhbətə başladı:
– Hacı Çələbi yığıncaqda öz fikrini niyə indiyə qədər deməyib?
– Hacı Çələbi nə desin? Onun fikri Kür kimi aydındı. Görürsən də Arazın suyu onu bulandırmaq istəyir.
– Qarabağ elatı Nadirin fikirlərinə tərəfdardır.
– Olar. Qarabağda elatdan ayrı nə var? Şəhəri yox, ticarəti yox, hökuməti yox. Elə sürüsünü dağa sürüb arana qaytarır. Vaxt tapıb Allahın bir qalasını da tikdirməmisiniz.
– Deməli, şəkililərin gözündə biz çoban olduq?
– Onu mən demədim ha. Özün dedin.
Pənahəli xəncərin dəstəsinə əl atdı. Amma bir anda özünü ələ aldı: «Lənət sənə kor şeytan! And içmişik ki, burada qan tökülməyəcək».
– Yoxsa, elə bilirdin şəkililərin qanını tökmək belə asandır?
– Niyə tikanlı danışırsan? Biz yığılmışıq ki, ölkəmizə bir hökmdar seçək, hamımız da onun ətrafına yığılıb güclü məmləkət yaradaq.
Pənahəli ilə danışan adam tullanıb atını mindi, yoldaşları da onun kimi ata suvar oldular. Gödəkboy, tösmərək adam Şəki ləhcəsində üyüdüb tökdü:
– Şahı belə seçməzlər. Şah darğa deyil. O şahdı. Əsli, kökü, nəcabəti olmalıdı. Bu köçərilərin heç birinin də qədim şah sülalələri ilə əlaqəsi yoxdu. Odur, iki min ildən çox yaşı olan Şirvanşahlar var. Onlardan kimisə gətirib taxtda oturtmalıyıq. Heç Şirvanşahlar yada düşməyib. Şəki Şirvanla həmişə bir olub. Odur ki biz bu məclisi tərk eləyirik. Gedib Nadirə xəbər verə bilərsən!
– Sən bizim birliyimizə qəsd eləyirsən?
– Birlik mənə lazım deyil. Özümüz-özümüzə padşahlıq eləyərik. Vaxt olar Qarabağda səninlə danışarıq.
– Mənə hədə gəlirsin?
– Yox. Mən səni Qarabağda qabağıma qatıb qovanda görüm Nadir köməyinə gələcək?
– Mən özüm-özümü qoruya bilərəm.
Şəkili atlılar çapıb getdilər.
Səhərisi gün səsvermədə Nadiri İran mülkünə şah seçdilər. Bundan sonra bayram başladı.
Muğanın gözəl çağı idi. Düzlər çiçəklənmişdi. Bu mənzərəni görən Qarabağ elatının ağsaqqalı, sifəti tunc rəngində, saqqalı dümağ, qaşları ağarmış qoca Pirvəli demişdi:
– Gör necə bir vaxtda bura toplaşıb özümüzə şah seçirik, təbiətin də xoş vaxtıdı. Uğurumuz yaxşı gələcək.
Səhəri gün Nadir şahın tacqoyma mərasimi oldu. Onun başına üç alov dilimi kimi qalxan, kənarları qızıl, ortası yaqut olan tac qoyuldu.
Pənahəli bu anda Nadir şahın gözlərində qırmızıya çalan bir parıltı sezdi. Bilmədi o parıltı onun bəbəklərində idi, yoxsa tacın üç diliminin birindənmi düşürdü. Ancaq, hər halda, özünü yığışdırdı. Artıq şahın qarşısında oturmuşdu. Bundan sonra hər kəs Nadirin istənilən əmrinə müntəzir olmalı idi. Yoxsa o parıltı bir göz qırpımında şimşəyə çevrilər, qarşısına çıxan itaətsizləri külə döndərərdi.
Nadir şah ayağa durub danışmaq istədi. Hamı qalxdı. Hökmdar üçün qoyulmuş taxt qəlbidə idi. Səfəvilərdən qalma bu taxt sanki iri almaz idi, bərq vurub yanırdı, şahlara layiq hazırlanmışdı, şahlar da ona layiq olmalı idi.
Nadir şah danışdı. Ölkənin ağır vəziyyətindən, torpaqların əkilmədiyindən, rəiyyətin dilənçi kökünə düşməsindən söhbət açdı. Ölkəni bu durumdan çıxaracağına and içdi. Ona etibar göstərib şah seçdiklərinə görə hamıya öz təşəkkürünü bildirdi. Sonra da dedi ki, ölkəni idarə edəndə hər kəsin köməyinə arxalanacaq.
Axşamüstü bir nəfər Pənahəlini çağırdı. Bu göygözlü, sarışın adam Pənahəlidən boyca kiçik olsa da, yəqin ki, yaşca böyük olardı. Pənahəli onu tanıdı. Həmin adamı Nadir şahın yanında çox görmüşdü.
– Bəy, – deyə o, Pənahəliyə müraciət elədi.
– Mən bəy deyiləm.
Göygöz kişi bu sözlərdən təəccüblənsə də, özünü o yerə qoymadı.
– İndən belə bəysən. Nadir şahın tapşırığı ilə gəlmişəm.
– Buyurun. Şahın tapşırığı mənim üçün hər işdən irəlidir.
– Nadir şah sənin xidmətini unutmayıb.
– Mən Nadir şaha, hələ ki, xidmət göstərmək şərəfinə çatmamışam axı.
– Çatmısan. Kür qırağında şəkili Hacı Çələbi ilə söhbətindən xəbərdardı.
Pənahəli təəccüb etdi. Axı həmin söhbət zamanı yanlarında öz yaxın dostlarından başqa heç kəs yox idi. Demək, şah olmaq üçün təkcə hamının dəstəyini qazanmaq azdır. Gərək hər yerdə gözün, hər yerdə qulağın olsun. Bunlar isə Nadirdə varmış.
– Eşidirəm.
– Nadir şah sənə «bəy» ləqəbi verir və öz yanına qulluğa götürür. Bu isə çox şərəfli işdir, – göygöz kişi bunu deyib bir anlıq duruxdu, sonra isə əlavə elədi: – Bu axşam ağsaqqallarınla məsləhətləş. Səhər tezdən dalınca adam göndərəcəm.
– Baş üstə. Amma şahın sözü qarşısında ağsaqqallar nə deyə bilər axı!
Göygöz kişi heç nə söyləməyib getdi. Pənahəli isə öz adamlarının yanına qayıtdı.

3
Qarabağ qoşunu Şahbulağa çatdı. Üstü kol-kos bitirmiş dağın dibindən iki dəyirmanı işlədə bilən bulaq qaynayıb axırdı. Onun adını burada hansısa şah məskən saldığına görə verməmişdilər. Bulağın özü şah idi – bulaqların şahı!
Pənahəli xan atını sürüb dağın ətəyində tikdirdiyi qalaya tərəf qalxdı. Başını qaldırıb aydın səmaya baxanda göylərin ənginliyində bir qartalın süzdüyünü gördü. Özü ilə onun arasında bir yaxınlıq duydu.
Bu qalanı Pənahəli xan tikdirmişdi. Ancaq neçə il idi ki, onu atıb dağlara qalxmış, Pənahabadı bina eləmişdi. Qala isə həbsxanaya çevrilmişdi. Günahkarları buraya salırdı. Şahbulaq dağının qənd kimi ağ daşlarını isə sındırtdıraraq dəvələrin belində Pənahabada daşıyır, yeni qalanı böyüdür, möhkəmləndirirdi.
Xanı görən qalabəyi qaça-qaça gəldi. Çatıb baş əyəndə elə canfəşanlıq göstərdi ki, papağı başından diyirlənib təpənin dibinə getdi. Qalabəyi keçəl idi, əlləri ilə keçəlini örtdü. Kənardan baxana elə gələrdi ki, yazıq öz başına qapaz vurur.
– Qalabəyi, niyə dustaqlar daş çıxartmırlar?
– Xan sağ olsun, istəmədim onların külünglərinin səsi xanı narahat eləsin.
– Get de, qoy işləsinlər. Mən döyüşə gedirəm. Qələbə ilə qayıtsam, onda ən yaxşı işləyənləri əfv edəcəyəm.
– Sən Hindistan kimi ölkədən qalib qayıtmısan. Xırda döyüşlər nədir ki…
Xan Hindistan adını eşidəndə gözləri üfüqə zilləndi…
Qalabəyi isə ürəyində, xəlvətcə gəlirini hesablamağa başladı. Xan əfv edəcək, o isə haqqını alıb dustaqları qaladan buraxacaq.
Sevincək olan qalabəyi dərənin dibinə yuvarlanan papağını yadından çıxarıb xanın əmrini yerinə yetirməyə qaçdı.

4
…Bəli, Pənahəli bəy Hindistan səfərindən qalib qayıtmışdı.
Şah elan edildikdən sonra Nadir ölkəsini kasıblıqdan qurtarmağın yolunu başqa ölkəni talamaqda görmüşdü. Xəzinənin axır-uxurunu xərcləyib ordunu döyüşə hazırlamışdı, sonra da Əfqanıstandan keçərək Hindistana hücum eləmişdi. Səfərə çıxmamışdan əvvəl Ərdəbilə gəlmiş və söz vermişdi ki, əgər zəfərlə qayıtsa, şəhərə qızıldan qapı saldıracaq.
O vaxt Pənahəli bəy hər yerdə Nadiri müşayiət eləyirdi.
Bir-bir şəhərləri aldıqca ordunun qənimət yükü də ağırlaşır, görünməmiş xəzinələr ələ keçirirdi. Nadir şah isə doymur, daha çox ləl-cavahirat, qızıl ələ keçirməyə çalışırdı. Bahalı əşyaları növlərə ayırtdırmışdı. Ən qiymətlilərinin keşiyini çəkmək, qorumaq Pənahəli bəyə tapşırılmışdı. Bu isə Nadir şahın ətrafındakı bəzi adamların paxıllığına səbəb olmuşdu.
Əvvəldən almaz görməyən Pənahəli bəy bu qədər qiymətli daş-qaşı bir yerdə görəndə heyrətə gəlmişdi. Üstəlik, fikirləşmişdi ki, bu var-dövləti qorumaq üçün gərək güclü qoşun saxlayasan. Ən qəribəsi isə o idi ki, bir belə sərvətə baxmayaraq Hindistan camaatı lüt-üryan və ac idi. Dilənçi əlindən tərpənmək mümkün deyildi.
Nadirin qoşunları bütxanalarda daş-qaşla bəzədilmiş heykəlləri də söküb çıxardırdılar. Çünki şaha torpaq tutmaq, yeni ölkələrə sahib olmaq yox, var-dövlət əldə eləmək lazım idi.
Göygöz kişi indi özünə lənət oxuyurdu. Axı o, Pənahəli bəyin Şəki xanına dediklərini eşitmiş, Nadirə çatdırmışdı. Şah da Pənahəliyə bəy rütbəsi verib onu Göygözdən də yuxarı vəzifəyə təyin eləmişdi. Bu isə Göygözün ürəyincə deyildi. Var-dövlətin əsas hissəsi Pənahəli bəyin əlində toplanmışdı. Halbuki həmin vəzifə Göygözə tapşırılsa, oradan özü üçün yaxşı pay götürərdi və bundan heç kimin xəbəri olmazdı.
Qoşun geri dönməyə hazırlaşanda Nadirə xəbər çatdırdılar ki, şəhərdə bir raca[3 - Raca – burada: hindli zadəgan] var. Onu da dedilər ki, həmin racadakı almazın qiymətini təyin etmək hələ heç kimə qismət olmayıb. Nadir bu almazı da ələ keçirmək qərarına gəldi. Pənahəli bəyə və yaxın adamlarına tapşırdı ki, racanın almazı harada saxladığını öyrənsinlər. Racanın sarayının keşiyini çəkən sinqlər idi. Onlar başında qırmızı çalma gəzdirir, gur saqqal saxlayırdılar. Əqidəcə müsəlman olduqlarına görə Nadir şahın əsgərləri ilə mehriban münasibətdə idilər. Pənahəli xeyli səy göstərdikdən sonra racanın saray rəisi ilə əlaqə yarada bildi. Uzun söhbətlərdən, boyun olunan bəxşişdən sonra rəis racanın sirrini verdi. Raca almazı həmişə başına qoyduğu çalmanın içində gəzdirirmiş.
Pənahəli bəy bu xəbəri Nadir şaha çatdıranda hökmdarın gözlərində yeni bir parıltı gördü. Ancaq bu dəfə qırmızı yox, sanki almazdan qopan və qövsi-qüzehə bənzər parıltı!
Nadir şah soruşdu:
– Pənahəli bəy, oğlum, o almazı racadan necə ala bilərik?
– Başı ilə birlikdə.
– Yox, bu, siyasət olmadı. Siyasət ayrı şeydi. Sən sərkərdə, igid kimi danışırsan. Yaxşısı budur, sarayın zərgərini mənim yanıma çağırtdır.
Pənahəli bəy çıxıb zərgərlə bərabər qayıdanda taxtın yanındakı balaca kürsüdə on dörd-on beş yaşında bir oğlan əyləşmişdi. Üst-başı zər-ziba içərisində idi. Bu, Nadir şahın oğlu idi. Atası onu həmişə özü ilə gəzdirirdi. Qoy hamı bilsin ki, Nadir şah Əfşarın övladı var və o, taxtın gələcək sahibidir.
Nadir şah dedi:
– Zərgər, hökmdar tacının eynisini düzəl-dərsən. Ancaq qızıl yerinə qızıl kimi parıldayan mis, yaqut yerinə ucuz daşlar, almaz yerinə şüşələr qoyarsan. Sənə iki gün vaxt verirəm.
– Baş üstə. Amma niyə belə ucuz?
– Sənə nə deyirlər onu elə. Ancaq çalış əsl tacdan seçilməsin. Bacararsan?
– Bacararam.
Zərgər tez ölçüb-biçmişdi. Bu ölkədə o qədər ucuz daş-qaş vardı ki, nə yaqutdan seçilirdi, nə zümrüddən. Onlardan yükünü tutmuşdu. Geri qayıdanda yaxşı qazanacağını fikirləşirdi.
– Zəhmət haqqını ikiqat artıq verəcəyəm.
Zərgər şahın dediklərindən heç nə başa düşməsə də, əlavə nəsə soruşmağa ürək eləmədi. Baş əyib getdi.
Pənahəli bəy də Nadirin ağlından keçənləri anlaya bilməmişdi.
– İndi başa düşdün siyasət deyərkən nəyi nəzərdə tuturdum? – şah üzünü Pənahəli bəyə tutub soruşdu.
– Hələ də bir şey anlaya bilməmişəm.
– Onda tapşırıq ver, racanı üç gün sonra qonaq çağırsınlar.
Dərhal racanın yanına adam göndərdilər ki, Nadir şah onu qonaq dəvət edir. Çox vacib söhbətləri olacaq.
Düzdür, racanın saysız-hesabsız nökər-naibləri vardı. Lakin onun kimi zadəganlar Hindistanda az deyildi. Odur ki Nadir şahın dəvətini eşidəndə çox sevindi: ölkəni tutan qüdrətli bir hökmdar bu qədər racanın arasından məhz onu qonaq çağırmışdı.
Özünü hədsiz xoşbəxt hiss edən raca almazı gizlətdiyi çalmasını başına qoydu. Qızıla tutulan kəcavəsinə mindi. Dörd nəfər onun kəcavəsini çiyinlərinə qaldırdı. Raca filin üstündəki kəcavəsində də gedə bilərdi. Amma bu, ölkəni tutmuş yadelli hökmdarın xoşuna gəlməzdi. Qədim silahlarla silahlanmış, üstəlik, çiyinlərinə tüfəng qoyub, qundaqlarını ovuclarının içində saxlayan mühafizə dəstəsi arxadan, qarşıdan və yanlardan racanı müşayiət edirdi. Raca isə kəcavənin pərdəsi arxasından nifrətlə ona baxan həmvətənlərini görüb təəccüblənirdi. Həmişə onun başına gül ləçəkləri səpən bu adamlar niyə düşmənə dönmüşdülər. Bəlkə də, səbəb onun işğalçı bir hökmdarın hörmətini qazanması idi?!
Raca üzünü çevirib pərdəni saldı.
Sarayın qapısında onu Nadir şah özü qarşıladı. Raca əllərini qoşalayıb başını qaldırdı. Nadir şah da qonağını hind adəti ilə salamladı. Tərcüməçi vasitəsi ilə söhbət edə-edə taxta tərəf addımladılar. Taxtın yanında bir kürsü qoyulmuşdu. Nadir həmin kürsüdə racaya yer göstərdi. Qonaq təşəkkür edib oturdu, lakin əvvəlcə şahın əyləşməsini gözlədi.
Nadir şahın əyan-əşrəfi isə taxtın qarşısından iki cərgə ilə dayanmışdı.
Ziyafətdən öncə şah kiçik bir nitq söylədi.
– Hörmətli raca, bizim özgə ölkənin torpağında gözümüz yoxdur. Öz torpağımız özümüzə bəsdir. Bizi bu ölkəyə səfər etməyə məcbur eləyən köhnə müqavilələrə əməl olunmamasıdır. Hələ Səfəvi şahı Təhmasibin vaxtında, Hindistan hökm darı Hümayun[4 - Zəhirəddin Baburun oğlu Hümayun, doğrudan da, kömək üçün İran hökmdarına müraciət etmişdi, amma tarixdə belə müqavilənin olduğu məlum deyil. Hümayun 3 min döyüşçü əvəzində Təhmasibə çox qiymətli bir almaz bağışlamışdı.] taxtdan salınmışdı. O, ölkəmizə qaçıb kömək istəmişdi. Təhmasib ona qoşun verib geri qaytarmış, Hümayunu təzədən taxta oturtmuşdu. Bağlanan müqaviləyə görə o, hər il İran mülkünə xərac verməli idi. Lakin vədini yerinə yetirmədi. Neçə yüz ildir ki, o borclar yığılıb qalıb. Bizim ölkədə deyirlər ki, borclu borclunun sağlığını istər. Gəldik borclarımızı, xəracımızı aldıq, indi isə geri qayıtmaq istəyirik.
Raca şahı dinlədikcə gülümsəyirdi. Bu, nəzakət xatirinə idi. Racadan olsa Nadir şah qayıtmaz, Hindistanda qalar, bu ölkədən yığdığını elə bu ölkənin özünə xərcləyərdi. Üstəlik, axır ki, Hindistanın da güclü qoşunu, güclü hökmdarı olardı. Hər halda, Nadir şahın ona hələlik heç bir ziyanı dəyməmişdi.
– Nadir şahdan xahişimiz odur ki getməsin qalsın, – raca, nəhayət, dilləndi.
Bu sözdən sonra Pənahəli bəyin dodağı azacıq qaçdı. Onun yadına Molla Nəsrəddinin bir lətifəsi düşmüşdü.
Bir gün Teymurləng döyüş fillərini yemləmək üçün yaxındakı kəndlərin hərəsinə birini verir. Həmin kəndlərdə bağ-bağça, bostan qalmır, fillər hamısını məhv eləyir. Kim də Teymurləngin üstünə şikayətə gedirsə, boynunu vururlar.
Axırda kəndçiləri Molla Nəsrəddini razı salırlar ki, birlikdə Teymurləngin yanına gedib bu işə bir əncam çəksinlər. Lakin yolboyu kəndçilər canlarının qorxusundan bir-bir aradan çıxırlar. Molla qalır tək.
Teymurləng soruşur:
– Molla, nəyə gəlmisən?
Molla deyir:
– Filə görə.
Teymur qışqırır:
– Cəllad bunun da başını vursun.
Molla cavab verir:
– Hökmdar sağ olsun, fil eşitdin, axıra qədər qulaq asmadın. Mən demirəm ki, fili aparsınlar. Mən gəldim ki, hökmdarın fili təkdi, darıxır. Ondan birini də ver aparaq, biri-birilərinə həyan olsunlar.
Teymurləngin kefi açılır.
İndi raca deyəndə ki, Nadir şah getməsin, ondan ötəri Hindistanda darıxırlar, hələ öz başına nə gələcəyindən xəbəri yox idi…
Nadir şah tez-tez racaya, onun ağ ipəkdən tikilmiş çalmasının mirvarilərdən düzəldilmiş bəzəyinə, ora sancılmış qəribə rəngli lələyə baxırdı. Pənahəli bəy bu baxışın mənasını indi anlamışdı.
Nadir şah dedi:
– Racanın təklifini nəzərə alıb qala bilərdim. Ancaq bizim öz ölkəmizin də işi çoxdur. Həm də bu yerlərin havası bizim adamlara düşmür, çox istidir. Yağış yağanda kəsmək, yağış kəsəndə yağmaq bilmir. Bizim yerlər daha gözəldir.
Raca fikrindən dönmək niyyətində deyildi.
– Bir az da qalsanız buralara öyrəşəcəksiniz. Babur şahın törəmələri necə öyrəşdilər? Görün neçə yüz ildir hökmranlıq eləyirlər.
– Yox, mən istəyirəm ki, səninlə qardaş olam. Bu qardaşlığımıza and içəm. Gedəndə də ölkəni sənə tapşıram.
– Mənə?
– Bəli, sənə.
– Mənim qoşunum yoxdu.
– Qoşun yoxdur, toplayarsan. Sənin var-dövlətin başqa racaların var-dövlətindən daha çoxdur. Var-dövlət olandan sonra isə hər şey düzələr. Hörmətli raca, mən istəyirəm ki, bu gün hətta öz tacımı da sənə bağışlayım. Qoy görsünlər ki, hökmranlıq sənə verildi.
Raca özünü itirmişdi. Düzdür, onun ürəyindən hökmranlıq keçirdi, amma yatsa, yuxusuna da girməzdi ki, Nadir şah ona belə bir qiymətli bəxşiş verəcək.
Bu vaxt görünməmiş iş oldu. Nadir şah ayağa qalxıb racaya yaxınlaşdı, öz başındakı tacı götürdü, sonra isə racanın da çalmanı öz başından çıxarmasını gözlədi. Tacı onun başına qoyandan sonra geri çəkilib baxdı.
– Gör şahlıq tacı racaya necə də yaraşır!
Taxtın qarşısında dəstə ilə düzülmüş əyanlar arasında narazılıq nidaları ucaldı. Ancaq şah bir dəfə dönüb baxmaqla səs kəsildi. Bundan sonra Nadir dönüb racanın dizinin üstünə qoyduğu çalmasını götürdü.
– Qardaşım, yəqin ki, bu çalmanı mənə qızırğalanmazsan.
Bunu deyəndən sonra Nadir çalmanı başına qoyub taxtda oturdu.
Əyanlar, xüsusən vəzir lap pərt olmuşdu. İran səltənətinin rəmzini Nadir şah bir hind racasına bağışlamışdı. Bu, ölkəni, taxtı, müstəqilliyi vermək idi. Taxt-tacla oyun oynamaqmı olardı?
Raca oturduğu yerdə donub qalmışdı. Onun qarayanız sifəti avazımış, iri həbəşi dodaqları göyərmişdi.
– Qardaşım raca, İran şahının tacını daşımaq əziyyət deyil?
– Su, – raca zəif səslə dilləndi. Bu onun nə günə düşdüyünü aydın büruzə verdi.
– Bəli, o tacı gəzdirmək ağır işdi. Racaya su verin.
Racaya su verdilər. Əlləri əsdiyindən raca şüşə qabı dodağına yaxınlaşdırana qədər xeyli hissəsini çalxalayıb üstünə tökdü. Şüşə qab dodağına çatmamış əlindən düşüb mərmər döşəmədə çilik-çilik oldu.
Hamı gördü ki, racanın vəziyyəti xeyli xarablaşıb. Nadir onun adamlarına əmr verdi ki, racanı sarayına aparsınlar. Çünki ziyafət başqa günə keçirilir.
Raca kəcavəyə aparıldı. Nadir şahın tapşırığı ilə Pənahəli bəy tacı da racanın yanında kəcavəyə qoydu. Racanın dəstəsi sevinə-sevinə geri qayıtdı.
Pənahəli bəy geri dönəndə qapının ağzında Göygöz onu saxladı:
– Şahın tacını racaya sən verdin, hə?! Bu əməlinin cəzasını çəkəcəksən.
– Mən Nadir şahın əmrini yerinə yetirmişəm.
Göygöz deyindi:
– Sözə bir bax! Şahın əmrini yerinə yetirib. Görərsən!
Pənahəli bəy dilləndi:
– Axı, bu sirri sən bilmirsən. Mən isə bilirəm.
Göygöz pərt oldu. «Yəni Pənahəli bəy şaha məndən o qədər yaxın olub ki, hətta onun sirlərinə də bələddir?»
Bu zaman Nadir şahın xidmətçilərindən biri gəlib bildirdi ki, hökmdar hamını hüzuruna çağırır.
Əyan-əşrəf yenidən toplaşdı. Şah hirslə dedi:
– Mən tacı bağışlayanda kim idi özündən çıxan?
Yaşlı vəzir qabağa yeridi.
– Şah sağ olsun, tacı hökmdara ölkə verir, şahın da tacı bağışlamağa haqqı yoxdur. Tac ölkə deməkdir, ölkənin qeyrəti, namusu, müstəqilliyi deməkdir.
Nadirin birdən-birə hirsi soyudu və onu gülmək tutdu. Qəşş elədi Vəzir elə bildi ki, şahın başına hava gəlib. Onsuz da hökmdarın bugünkü hərəkətləri dəlilik təsiri bağışlayırdı.
Vəzir ətrafına göz gəzdirdi, gördü ki, Pənahəli bəydən başqa hamı onun fikri ilə şərikdir. Hətta az qalırdı əmr eləsin ki, ağlını itirmiş hökmdarı həbs edib yerinə oğlunu taxta çıxarsınlar. Əslində, buna haqqı var idi: dəli olmuş hökmdar hər cür ağılsız addım ata bilərdi. O səhvləri isə düzəltməyə yüz ağıllının da gücü çatmazdı.
Birdən-birə Nadir şah gülməyə ara verdi.
– Mənim tacımı gətir, Pənahəli bəy.
Pənahəli bəy qonşu otağa keçib şahın tacını gətirdi, diz çöküb onu şaha uzatdı. Nadir tacını götürüb başına qoydu.
Göygöz dilləndi:
– Hörmətli şah, Pənahəli bəy tacı racaya vermişdi axı… Mən bunu öz gözlərimlə görmüşdüm.
– Bəli, düzdür. İndi hər şeyi biləcəksiniz. Pənahəli bəy, xəncərinlə bu çalmanı sök.
Pənahəli bəy əli ilə yoxlayıb almazın harada olduğunu müəyyənləşdirəndən sonra xəncəri ilə kəsib yumurta boyda almazı çıxardı. Hamının heyrətdən gözləri böyüdü. Nadir şah almazı əlinə götürüb baxdı. Onun gözəlliyinə özü də heyran qaldı.
– İndi məsələni başa düşdünüz? Bu almazın xatirinə başıboş racaya misdən, şüşədən düzəldilmiş tacı bağışladım. Vəzir də mənə ağıl dərsi verir. Əslində, vəzir düz deyirdi. Buna görə də ona hörmətim xeyli artdı. Lakin biləsiniz ki, racanı duyuq salmamaq üçün bu sirri heç birinizə açmamışdım.
Nadir şah danışır, di gəl, gözünü bir an olsun belə almazdan ayıra bilmirdi.
– Bu almaz racaya yox, şaha layiqdir. Adı da qalsın «Şah almazı»[5 - «Şah almazı» – Nadirin Hindistandan gətirdiyi bu almaz 1828-ci ildə Tehranda öldürülən rus diplomatı Aleksandr Qriboyedovun qan haqqı olaraq rus çarına göndərilmişdi. Hazırda Rusiyanın Almaz fondunda saxlanılır.]. Dəyəri həddən artıqdır. İranın bir neçə illik xərcidi. Səfərimiz başa çatdı. Qayıdırıq. Bizi İranın ac-yalavac əhalisi gözləyir. İranı üç il vergilərdən azad edirəm. Darül-İrşada nəzir demişəm. Qapısını qızıldan düzəldəcəyəm.
Nadir şah danışdıqca əyanların ürəklərindən qara qanlar axırdı. Göygöz fikirləşirdi: «Beş kəndim var. Onlardan vergi almasam, üç ildə gör nə qədər ziyan edəcəyəm. Anbarlarım boş qalacaq. Əyan-əşrəf İran kəndlisinin gününə düşəcək, rəiyyət əyan-əşrəfdən varlı olacaq. Nadiri şah seçməklə başımıza bəla açdıq. Bu çox getməz… Hələ bu Pənahəli bəyi başımıza çıxartmağını demirəm. Nadiri şah eləyən Əfşar tayfasıdır, ancaq o, gör kimlərə bel bağlayır?! Belə getsə, bu qiymətli almazı da ona verəcək. Yolda şahın başına bir iş gəlsə, o qədər var-dövlət də əlimizdən çıxacaq».
Göygöz bu cür düşünə-düşünə həm də gələcəklə bağlı tədbir tökməyə başlamışdı. Hətta İrana qayıdarkən yolda fürsət tapıb Nadir şahla söhbətə girişmişdi.
– Möhtərəm şahımız, mübarək qulaqlarınıza çatacaq bir neçə sözüm var.
– Buyur!
– Bizim Əfşar tayfamız indi başqa türk tayfalarından yuxarıda dayanır.
– Hə, sözünü de.
– Ona görə də Əfşar tayfasına gərək güzəştlər olsun.
– Nə güzəşt?
– Elə hər yerdə, hər işdə. Axı biz hökmdarın tayfasıyıq. Başqa tayfaları bizdən yuxarı tutmaq Əfşarların xətirinə dəyər.
Nadir şah onun hansı simə vurduğunu tutdu. Atının cilovunu çəkdi ki, Göygöz də onunla yanaşı gəlsin, dediklərini heç kim eşitməsin. Göygöz də cilovu çəkdi ki, ondan bir az geri qalsın.
– Yanaşı sür atını.
O, Nadir şahla bərabərləşdi.
– Hə, indi qulaq as. Qalaçayda şahı məhz Əfşar tayfasından seçmək kimin işi idi?
– Bilmirəm.
– Yox, bilirsən. Bütün tayfaların. Onlar razılıq verməsəydi, Nadirdən şah olmazdı.
– Axı həmin tayfalarda Nadir şahdan layiqli adam yox idi.
– Taxta oturandan sonra hamı ağıllı adam olur. Başına tac qoyan adamın dediklərini hər kəs «bəh-bəh»lə qarşılayır. Bir də ki, məni şah seçənlərin hamısı mənə sədaqətlə qulluq eləyir. Ona görə də indi Əfşar tayfası-nı başqalarından üstün tutsam, onda üç gündən sonra gərək hakimiyyəti verəm. Heç bir tayfa İranda hakimiyyəti təkbaşına idarə eləyə bilməz.
– Bəs Səfəvilər? Axı onlar ölkəni iki yüz yetmiş ildən çox idarə eləyiblər.
– Düzdür. Lakin xatırla: Hüseyn bəy Lələ hansı tayfadan idi? Yaxud Şamlı… Ya da Qara Piri bəy Qacar, Bayram bəy Qaramanlı kim idi, Məhəmməd bəy Ustaclı haradan gəlmişdi?
Göygözə öz xeyri lazım idi. O, şah kimi düşünə bilməzdi. Ona görə də bu barədə bir daha Nadir şahla danışmamağı qərara aldı. Qoy bildiyi özünə qalsın. Bir də bu barədə danışsa, onda öz kəlləsini itirə bilər…
Əslində, həmin söhbətdən Nadir şah da çox şey götürdü. Başa düşdü ki, Əfşar tayfasından olanların çoxu Göygöz kimi düşünür. Onların fikrinə qalsa, şah tayfabazlıq eləməli, digər tayfaları əfşarların ayağına verməli, bütün ölkənin açar-kilidini yalnız Əfşar tayfasına bağışlamalı, qalanlarımı isə özündən narazı salmalıdır. Halbuki belədə ölkənin hər tərəfində narazılıqlar baş qaldırar, üsyanlar ola bilərdi. Göygöz və onu kimi düşünənlərin sözünə qulaq assa, Hindistandan gətirdiyi və indiyədək İran şahlarının heç birinə nəsib olmayan xəzinəni də yalnız əfşarlar arasında bölməlidir. Yox, belə olmayacaq! Əfşar tayfası böyük və güclüdür. Ancaq o tək deyil və göydən də düşməyib. «Mən kiçik Saraclı tayfasından Pənahəli bəyi Göygözün ayağına necə verə bilərəm? Axı o, daha fərasətli, daha açıq fikirli, sədaqətlidir. Hər kəsi öz qabiliyyətinə görə qiymətləndirmək lazımdır» – Nadir şah belə düşünürdü. Eyni zamanda onu da yaxşı başa düşürdü ki, təkcə öz tayfasına arxalansa, hakimiyyəti uzun sürməyəcək, hətta elə əfşarların özləri onun qəbrini qazacaqlar. Axı bir tayfanın içində də çoxlu nəsil, saysız-hesabsız qol var.
Axırda Nadir şah belə qərara gəldi ki, Göygözün dedikləri çox qorxulu məsələdir, bu məsələdən yaxa qurtarmaq üçün isə indidən tədbir görməlidir.
O nəinki tayfaları birləşdirmək istəyirdi. Bu işə Şah İsmayıl Xətai başlamışdı. Nadir şah, eyni zamanda, Şah İsmayılın vaxtı ilə dövlətin məqsədləri üçün atdığı, indi səhv olan addımını da düzəltmək istəyirdi. Bu da sünni-şiə münasibətlərini yumşaltmaq, din içərisində barışıq yaratmaq idi. Hindistanın var-dövlətini ələ keçirəndən sonra Nadir şah başa düşmüşdü ki, bundan sonra nəzərdə tutduğu işləri görmək onun üçün çətinlik törədəcək. Çünki əhali nə qədər ki kasıb idi, çörək dərdi bütün dərdlərdən üstün idi, onda həmin işləri daha asan görə bilərdi. Adamlar tox olandan sonra isə onlara söz az təsir eləyir.
Nəhayət, şah öz-özlüyündə qərar verdi ki, Əfşar tayfasını bütün ölkə boyu dağıtsın. Hər elatda bir-iki Əfşar kəndi saldırsın. Tayfanın bir yerdə qalmağı ölkə üçün də, Nadir şahın özü üçün də təhlükəli ola bilərdi. Bu qərara gəldikdən sonra şah öz niyyətini həyata keçirmək üçün bəhanə axtarışına başladı. Axırda isə, həmişə olduğu kimi, yenə də ağıllı bir çıxış yolu tapdı: Əfşar tayfasının başçılarını çağırıb onlara deyəcəkdi ki, ölkənin hər tərəfində sizin olmağınız vacibdi, bu, əfşarların hakimiyyətini daha da möhkəmləndirər. Tayfa başçıları isə, şübhəsiz ki, buna həvəslə razılaşacaqdılar. Beləliklə, həm əfşarlar bir yerdə cəmləşməz, həm də tayfalar bir-birinin içərisində yaşayar, qız verib qız alar, qaynayıb-qarışar. Nəticədə birləşərlər.

5
Nadir şahın ordusu Xorasana çatdı. Qoşunlar burada bir neçə gün dayanıb dincələcəkdilər. Çaparlar isə İranın hər yerinə şahın qələbə ilə qayıtdığı xəbərini aparacaq, qalib hökmdarın pişvazına çıxmaq üçün hazırlıqlar görüləcəkdi. Həmçinin Hindistandan gətirilən qiymətli daş-qaş elə Xorasandaca xəzinədara təhvil veriləcəkdi.
Nadir şah isə məiyyəti ilə birlikdə imam Rzanın qəbrini ziyarət eləyib namaz qıldı, çoxlu nəzir verdi. Ziyarətgahdan çıxanda onları yüzlərlə dilənçi əhatə elədi. Nadir şah ucadan dedi:
– Allaha çox şükür ki, dilənçilikdən qurtarmağımıza az qalıb. Uca tanrımız malını yeməyənlərin malını yeyənlərə qismət eləyir. O qədər var-dövlət gətirmişəm ki, hamının qarnı tox olacaq.
Daha sonra şah əmr elədi ki, üç gün boyunca ordugahda hər gün dilənçilərə üç dəfə yemək verilsin. Sonra isə onların hərəsinə bir öküzün və bir xışın pulu ödənsin. Ticarətlə məşğul olmaq istəyənlərə kömək edilsin.
– Bundan sonra bir nəfəri dilənən görsəm dar ağacından asacağam.
Dilənçilər bir ağızdan qışqırdılar:
– İmam Rza köməyin olsun!
– Allah səni bizə köməyə göndərib.
Pənahəli bəy öz adamları ilə dilənçiləri bir yerə topladı və şahın əmrini yerinə yetirməklə məşğul oldu.
Göygöz isə həmin vaxt fikirləşirdi: «Yenə də Pənahəli bəy. Dilənçilərin hesabına xeyli varlanacaq. Bu Nadir şah nə iş görür? Belə getsə, heç xəzinəyə bir tümən də gedib çatmayacaq».
Növbəti üç gün ərzində var-dövlət xəzinəyə təhdvil verildi. Eyni zamanda ordunun payı ayrılıb hər bir əsgərə maaş ödənildi, ölənlərin ailələrinə qan pulu ayrıldı. Məiyyətin payı da sahiblərinə çatdırıldı.
Göygözün fikri-zikri isə Pənahəli bəyin payında idi. Ona Göygözdən çox pay çatmışdı. Bu, Göygözü yandırmaya bilməzdi. Göygözün yeganə təsəllisi o idi ki, Hindistanda özünü yaddan çıxarmamışdı – paltarının astarına xeyli daş-qaş tikmişdi… İndi qalırdı bir yol tapıb Pənahəli bəyi Nadir şahın gözündən salmaq!
Nəhayət, Nadir şahla tək qalanda Göygöz dilini işə saldı.
– Şah sağ olsun, Pənahəli bəydən gözüm su içmir.
– Niyə?
– Allan məni öldürsün, əgər şahımın və şahzadəmin ayağına dəyən daşın mənim başıma dəyməyini istəmirəmsə… Şübhələnirəm, mən nə eləyim? Gözlərini heç vaxt şahzadənin gözlərindən çəkmir.
– Burada pis nə ola bilər ki?
– Sui-qəsd olar, şahım. Əsli-nəcabəti olmayan bir adam bu qədər yüksələndə ondan nə desən çıxar.
Bu sözləri eşidəndə Nadir şahı elə bil ilan çaldı. O, gözünün ağı-qarası olan oğlunu indiyədək gözündən uzağa qoymamışdı. Həmişə özü ilə bərabər səfərlərə aparır, öz yanında oturdur, ondan heç bir sirrini gizlətmirdi. «Qoy dövləti idarə eləməyi öyrənsin».
– Bəli, Pənahəli bəy dayanmadan şahzadənin gözlərinə baxır. Özüm şahid olmuşam. Həm də bir dəfə yox, iki dəfə yox, hər dəfə.
– Necə baxır? Dost kimi, düşmən kimi?
– Şah sağ olsun, mən onun ürəyinə girməmişəm ki, biləm necə baxırdı?! – Göygöz ikiqat əyilib danışdığından Nadir şah onun gözlərini və sifətini görə bilmirdi.
– Sənin Pənahəli bəyə paxıllığın tutur, ona görə belə danışırsan.
– Şah sağ olsun, onu ki mən sizə tərifləmişdim.
Nadir şah bu cavabdan sonra susdu. Şübhələr içində boğulmağa başladı. «Bəlkə də, Şəki xanı ilə sözləşiblər. Aralarındakı ixtilaf da gözə kül üfürmək olub? Bəlkə də, Şəki xanı onu casus kimi yanıma göndərib? Mənə gücləri çatmır, odur ki məni vəliəhddən məhrum eləmək istəyir. İstəyir ki, şahzadənin… Allah eləməsin. Belə pis fikir mənim ağlıma haradan gəlir?»
Şah bu fikirlərdən ayılıb Göygözün üstünə qışqırdı:
– Pənahəli bəyi özün necə tapıb gətiribsənsə, elə də izlə. Bir günahı olsa, səni də onunla bərabər cəzalandıracam. Hər ikinizin də gözlərinizi çıxartdıracam.
Nadir şah seçiləndən hələ heç kimin gözünü çıxartmamışdı. Amma dedisə, eləyəcək. Ağlına gəlibsə, dilindən çıxıbsa, kimsə onu fikrindən daşındıra bilməz.
Göygöz «baş üstə» deyib getmək istəyəndə Nadir şah onu saxladı.
– Sənin rəhmətlik atan Ələmdar kişi ölüb. Ölənə cəhənnəmdə də olsa, rəhmət düşür. Atan mənim xalamın əri idi. Onda mən lap cavan idim, qonşu kəndlə torpaq davası düşmüşdü. Daha doğrusu, otlaq davası. Ölümə, qırğına gəlib çıxmaması üçün şeyxi çağırdıq ki, hər iki tərəfdən ağsaqqallar and içsinlər. Qurana da and içmək çətin işdi. Ələmdar kişi çatan kimi Qurana and içdi ki, bu torpaq bizimdi. Qarşı tərəfin ağsaqqalı da and içmək istədi. Amma gecikdi. Şeyx Ələmdar kişiyə dedi ki, torpaq yox, otlaq de. Ələmdar kişi də fikirləşmədən and içdi ki, bu ot da, otu bitirən torpaq da bizimdi. Beləliklə, torpağı aldı. Sonradan Ələmdar kişidən soruşdular ki, necə ürək eləyib and içdi? O da gülə-gülə dedi: «Çarığımın içinə o yerin torpağından qoymuşdum. Ürəyimə nə gəlmişdisə, bir çəngə də ot qoymuşdum». İndi sən də atanın yolunu getmə. Mənə düzgün söz çatdır. Xalam oğlu olsan da, rəhm eləmərəm, yalan desən kor qalacaqsan.
Göygöz baş əyib getdi. Amma atası barədə Nadir şahın kinayəli sözlərini də unutmadı. «Özü racanın almazını nə fırıldaqla əlindən aldığını yadından çıxarıb deyəsən, indi durub atamı ələ salır».
Göygöz daha sonra Pənahəli bəy haqqında fikirləşməyə başladı. Axı indiyədək onun sədaqətsizliyini görməyib. Yalanının üstü açılsa, Nadir şahın qəzəbindən qurtara bilməyəcək. Bəs onda necə eləsin? Bu fikirlər içində qaldığı yerə gəldi. Köhnə karvansaranın kiçik, qaranlıq hücrəsində taxtın üstündə uzanıb gözlərini şamın hisindən qaralmış tavanın qonur daşlarına dikdi. Özünü göyə daş atmış uşaq kimi hiss eləyirdi. Daş qayıdıb o uşağın başına yarmalı idi. Yaxşı, indi neyləsin ki, daş düşüb onu şikəst eləməsin.
Şahzadənin gözlərinə Pənahəli bəyin diqqətlə baxmağını Göygöz görməmişdi. Əksinə, bunu Pənahəli bəy özü demişdi:
– Şahzadənin çox aydın gözləri var. Lap Koroğlu dastanındakı Rövşənin gözləri kimi, maşallah, sanki qartal gözləridir. Allah onun ömrünü uzun eləsin. Yüz yaşında da gözlərinin işığı azalmasın!
Pənahəli bəyə bu sözləri dedirdən səbəb vardı. O, şahzadəyə baxanda həmişə öz oğlu İbrahim yadına düşürdü. İbrahimin də belə iri, parlaq gözləri vardı. Həm də gör neçə vaxt idi ki, İbrahimdən, öz elindən-obasından xəbəri yox idi. İndi, yəqin ki, yaylaqda olarlar. Bəlkə də, İbrahim bu dəqiqə yoldaşlarına qoşulub şehli çəmənlərdə at çapır, ya da atını bir təpənin üstündə saxlayıb o iri gözlərini aran yollarına dikərək atasının yolunu gözləyir.

6
Göygöz xeyli fikirləşdi. Axırda bu qərara gəldi ki, elə hərəkət etməlidir, nə özü şahın gözündən düşsün, nə də sözü yalana çıxsın. Deyəsən, çıxış yolu tapdı. Karvansaradan çıxıb ordugaha getdi. Allaha şükür eləyib ağızlarında xeyir-dua ilə ordugahdan çıxan dilənçilərin arasından keçdi. Bu zaman ordu yeməkxanasının yanında Pənahəli bəyin dayandığını gördü. Pənahəli bəy nədənsə xeyli dilxor idi.
– Necəsən? – deyə Göygöz soruşdu. – Halın xoşuma gəlmir. Nəsə olub?
Pənahəli bəy Göygözü özünün xeyirxahı bilirdi. Ona görə də ürəyini ona açmağı özünə yüngüllük bildi. Ordugahdan çıxıb aralandılar. Göygöz onu karvansaraya, öz otağına gətirdi.
– Hə, danış görək nə olub?
– Özün bilirsən ki, mən şahımıza təmiz qəlblə xidmət eləmişəm. Tərəkəmədə biclik olmaz.
Göygöz başa düşdü ki, səpdiyi toxum artıq cücərir. Özünü Pənahəli bəyə can yandıran kimi göstərdi.
– De görüm, axı nə olub?
– Şah məndən şübhələnib. Axı mənim nə günahım var?
– Sənə bu sözü kim dedi?
– Dedi də, bir adam. And içmişəm ki, həmin adamın adını heç kimə söyləməyəcəyəm. Şahın mənə nəyə görəsə qəzəbi tutub. İstəyirəm gedəm yanına. Qoy özü hər şeyi yoxlasın, mənim günahım varsa, cəzamı versin, yoxsa, günah kimdədirsə, onda onun cəzasını versin. Hələ Qarabağda olarkən tayfa ağsaqqalımız dedi ki, bala, sən sarayda yaşaya bilməzsən. Nahaq yerə gedirsən. Orada sən baş çıxara bilməzsən. İnanmadım. Dedim, ağsaqqal, Nadiri elliklə hamımız seçmişik. Köhnə saraylardan heç nə qalmayıb. Düz deyirmiş… Durub buradan Nadir şahın yanına gedirəm. Qoy hər şey ortaya çıxsın.
Göygöz sevincini güclə gizlədi. Ayağa qalxıb getməyə hazırlaşan Pənahəli bəyin döşündən itələyib oturtdu.
– Dayan, tələskənlik eləmək özünə ziyandı. Şahların yanında qulluq eləmək, doğrudan da, çətindi. Hindisanda racanın almazını ələ keçirmək üçün qurulan tədbiri Nadir şah hətta vəzirdən də gizlətmiş, bircə səninlə bölüşmüşdü. Elə bilirsən o vəzirin yadından çıxıb? Heç vaxt. Kaş sən o çalmanı kəsib almazı çıxaranda oradakı adamların gözlərinə baxaydın. Hamısı sənə ac canavar kimi baxırdı.
– Mənim günahım nə idi? Şah özü məni bu işə qoşmuşdu.
– Pənahəli bəy, sən çox təmiz adamsan, doğrudan da, sənin yerin saray deyil. Bir az da qalsan səni məhv eləyərlər. Mənim məsləhətimi eşitsən, qayıdarsan öz elinə.
– Mən də bundan ötəri ölmürəm?!
– Hindistan səfərindən yaxşı pay düşüb sənə. Get otur elində-obanda, ürəyin istəyən kimi xərclə. Özü də qəti gecikmə!
– Şahdan icazə almasam gedə bilmərəm.
Göygöz əlini dizinə çırpdı.
– A kişi, mənə də inanmırsan? Mən bilirəm ki, sənin heç bir günahın yoxdur. Əksinə, sən mənim xalam oğlu Nadir şahın ən sədaqətli nökərisən. Ancaq ona günahsız olduğunu necə sübut eləyə bilərsən? Bu mümkünsüz işdir.
– Onda şahın yanına bir yerdə gedək, burada dediklərini orada da de.
– Elə bilirsən ki, Nadir şah mənə inanır?
Göygözü başa düşmək olardı: Pənahəli bəy barəsində şaha yaxşı sözləri necə deyə bilərdi? Şahın qəlbinə şübhə toxumunu elə o özü səpməmişdimi?
– Bəs bu dünyada kimə inanasan? – Pənahəli bəy kədərli halda dilləndi.
– Heç kimə. Nadir şaha hansısa qurdlanmış dillər deyib ki, sən Pənahəli bəyi oğlun kimi sevirsən, o da bundan həvəslənib şahzadəyə qəsd elətdirərək özü vəliəhd olmaq fikrinə düşüb.
Göygöz bunu dedikdə Pənahəli bəyin eşmə bığlarının rəngi dəyişdi, sifəti avazıdı. O danışmaq istədi, amma nə dodaqları aralandı, nə də dili söz tutdu. Pənahəli bəy elə bil yerdən, göy-dən aralandı. Dibi görünməyən dərin bir uçuruma düşdü…
Göygöz Pənahəli bəyin bu halını görüb küncdəki səhəngdən suyu ovcuna alıb onun üzünə çilədi. Pənahəli bəy özünə gəlib dərindən nəfəs aldı. Sonra dedi:
– Yəni mən çörək itirən adamam?
– Səbəbini dedim də. Elə bu gecə, qaş qaralan kimi atını minib aradan çıx. Qalsan aqibətin çox pis olacaq.
– Adını gizlətdiyim adam mənə dedi ki, guya Hindistanda şahdan gizli çoxlu daş-qaş oğurlamışam. Bunu şaha deyiblər, o da inanıb.
– Gördün? İndi hesabını apar. Bircə gün də geciksən, bu iki böhtandan azı birinin qurbanı olacaqsan. Bir az da qalsan, deyəcəklər, Pənahəli bəy şahın kənizlərinə göz dikib…
– Allah sən saxla!
– Mən səni istəyən adamam, bunları da ona görə deyirəm ki, başına pis bir iş gəlməsin. Yadında saxla ki, sarayda şahla çox yaxın olmaq həddindən artıq təhlükəlidir. Saray yalnız şahdan ibarət deyil. Bunun vəziri, vəkili, eşikağası, nə bilim min dənə adamı var. Onların hamısı ilə dil tapmaq lazımdır. Hər addımını ölçüb-biçməlisən. Şah ən qiymətli daşları saxlamağı sənə tapşırmışdı. Elə bilirsən bunu saraydakıların gözləri götürürdü?!
Göygöz bir an susdu. Fikri yayındı. Əllərini əbasının yaxasına atdı. Pənahəli bəyə hiss elətdirmədən yaxa boyu tikdiyi qızıl və daş-qaşları yoxladı. Hamısı yerində idi. Arxayınlaşandan sonra davam etdi:
– Mən harada qalmışdım?
– Daş-qaşlardan danışırdın.
– Hə, sən çoxunun çörəyini kəsmisən. Sarayda nə qədər adam istəyirdi ki, toplanan qənimətin taleyi ona tapşırılsın. Elə biri vəzirin özü… İndi görürsən ki, sən təmizliyinlə kimləri özünə düşmən eləmisən.
– Mən nə biləydim axı…
– Bilmək lazım idi.
– Bəs onda şahın xəzinəsi? Ölkənin mənafeyi?
Göygöz əsəbiləşdi.
– Ay zalım oğlu, sən nə qoyub, nə axtarırsan? O dilənçiləri aparıb yemək verirdin ha, elə bilirsən onların yadında qalacaqsan? Dilənçini dilənçi kimi yaradan Allahdır. Allah bilir nə eləyir.
– Axı Nadir şah ölkəni dilənçilikdən qurtarmaq istəyir.
– Olacağa çarə yoxdur, Pənahəli bəy.
Pənahəli bəy hiss eləyirdi ki, Nadir şahın ətrafına yığılanlar bu Xorasan dilənçilərindən də pisdir. Onların ən yaxşısı Göygözdürsə və hətta o da Nadir şahı başa düşmürsə, işlər xarabdır. Hətta başa düşsə belə, şahın dediyini eləyəsi deyillər. Pənahəli bəy aydın görürdü ki, Nadir şahın ətrafındakılar, əslində, hökmdarın əleyhdarıdırlar, hər addımda öz maraqlarını, mənfəətlərini düşünürlər. Pənahəli bəy kimi Nadir şaha kömək etmək istəyənləri isə gözdən salmaq, aradan götürmək üçün fürsət axtarırlar.
Bəli, Pənahəli bəyin gözləri artıq xeyli açılmış, çox şeyin fərqinə varmağa başlamışdı.
Göygöz qalxıb çıxanda Pənahəli bəy onun bu istidə belə qalın əba geyməyinə təəccübləndi. Şahın xalası oğlu həmin əbadan Hindistanın isti, bürkülü havasında da ayrılmamışdı. Üstəlik, hər dəfə oturub-duranda əbanın ağırlığı aydın hiss olunurdu. Pənahəli bəy yalnız indi başa düşdü ki, Göygözün əynindəki əba deyil, xəzinədir – oğurluq xəzinə!
Birdən ona elə gəldi ki, bu şayiələrdə elə Göygözün də əli var. Niyə buradan çıxıb getməyimi istəyir? Yeri geniş olacaq, daha çox oğurlayacaq. Üstəlik, Pənahəli bəyin yoxluğundan istifadə edib özü Nadir şahın sevimlisinə çevriləcək. «Yox, mən burada qala bilmərəm. Fitnə-fəsad baş alıb gedir. Bir gün başımı əkərlər, oğlum İbrahim heç qəbrimi də tapa bilməz. Yaxşı, bəs bu Göygöz niyə deyir ki, gecə get… O da məlumdur. Yolumu kəsib payıma düşənləri almaq, özümü də qətlə yetirmək istəyir. Yox, bu tərəkəmə balasını bu qədər də sadəlövh və aciz bilməyin. Atam həmişə deyərdi ki, dad göygöz, dişi seyrək, kosa adamdan.... Haradan gəldi çıxdı mənim qabağıma bu Göygöz?» – Pənahəli bəy ürəyində fikirləşdi.
Göygöz tez qayıtdı.
– Günortadı, dedim yemək gətirsinlər.
Bir azdan onlara piti gətirdilər. Süfrəyə göy soğan, buğlanan təndir çörəyi qoydular.
Göygöz dedi:
– Götür, Pənahəli bəy.
Pənahəli bəy piti qabının birini götürüb öz qabağına qoydu. Özünü elə aparmağa başladı ki, Göygözün niyyətindən agah olduğu hiss edilməsin.
Nahardan sonra Göygöz dedi:
– Gün batanda gələrsən bura. Mənim adamlarım var, onlar səni bir neçə mənzil yola salıb qayıdacaqlar. Yoxsa azarsan.
– Çox sağ ol! Sən həmişə mənə kömək olmusan Gedim hazırlaşım.
Pənahəli bəyin bu cavabından Göygöz sakitləşdi.
Göygöz səhər tezdən düşərgəyə gəldi. Nadir şah namaz qılırdı. Namaz bitəndən sonra qəlyanaltı eləyəndə onun yanına getdi. Şahın qarşısında baş əyib dedi:
– Mənim başımı vurdur, şahım, məni asdır. Əmr eləyin lap məni güllə ilə vursunlar.
Nadir şah təəccüblə ona baxdı. İşarə elədi ki, süfrəyə otursun. Onunla zarafat da elədi, çünki səhər-səhər şahın kefi nədənsə xeyli kök idi.
– Hindistan səfərindən sonra Pənahəli bəydən başqa hamınız onsuz da həmin cəzalara layiqsiniz. Orada nə oyunlardan çıxdığınızı bilirəm.
Yenə də Pənahəli bəy. Yenə də bu qarabağlı balası.
Nadir şah ağzındakı tikəni çeynəyib uddu və soruşdu:
– Yaxşı, de görüm nə eləmisən? Adam öldürmüsən?
– Yox.
– Bəs nə olub?
– Sənə sədaqətli kimi gətirdiyim Pənahəli bəy qaçıb.
– Niyə? Necə qaçıb?
– Bilmirəm. Dünəndən yoxdur. Gündüz mənə söylədi ki, kimsə ona deyib, bəs sən Nadir şahın qəzəbinə gəlmisən. Çünki Hindistanda əli təmiz olmamısan. Mən də dedim get şahın özünün yanına. O vaxtdan yoxa çıxıb.
Nadir şah hirsləndi:
– Onu sənin kimi avaralar, böhtançılar qaçırdı. Gördünüz ki, hamınızdan fərasətli, hamınızdan təmiz, hamınızdan da sədaqətlidir. Gözünüz götürmədi. Gözünüz götürmədi ki, Nadir şahın yanında belə bir adam olsun.. Əgər indi onu tapıb gətirməsən, bilirsən sənə nə cəza verəcəyəm? Əvvəl dar ağacından asdırıb yarımcan olanda düşürtdürəcəm yerə. Tüfənglə yaralatdırıb, qılıncla başını bədənindən ayırtdıracağam. Sonra da meyitini yandırdırıb, sür-sümüyünü topa qoydurub atdıracağam.
– Şah sağ olsun, haqlısan. Bir də axı onun barəsində demişdim. Onun ürəyi xain olmasa, qaçmazdı.
Nadir şah süfrədən məcməyini götürüb Göygözün başına çırpdı.
– Mən dedim izləyin. O, təmiz, düz adam olmasa, pisliyini eləməmiş getməzdi. Onun, belə görünür, heç bir günahı yoxdur. Bütün bu işlər sənin o keçəl başının altından çıxır. Get axtar, harada olsa, Pənahəli bəyi tap gətir. Lazım gəlsə, cəzasını özüm verəcəyəm.

7
Pənahəli bəy yol yoldaşı olan Xudaverdi ilə Arazı keçdi. Buradan Qarabağ, Mil düzü başlayırdı. Yay idi, qanqallar qurumuş, yovşan ətri hər yanı başına götürmüşdü.
Pənahəli bəy atdan düşdü. Cilovu əlinə alıb xeyli piyada yeridi. Yovşan iyini acgözlüklə sinəsinə çəkdi. Aslan kişinin dindirməsən dinməyən oğlu Xudaverdi də onun kimi elədi. Xeyli yeridilər.
– Xudaverdi, yovşan iyindən xoşun gəlir?
Xudaverdi dinmədi. O da atası kimi tacir idi və düzlərdə az olmuşdu. Elə beləcə yol gedib, yol gəlmişdi. Onun xoşuna baramanın iyi gəlirdi. Həm də Pənahəli bəy kimi çoxdandır qəriblikdə yaşamırdı…
– Vətən iyi gəlir. Qarabağın yovşanının iyi mənə vətəni yada saldı, – Xudaverdinin dinmədiyini görən Pənahəli bəy əlavə elədi.
Sonra onlar təzədən atlanıb Arazboyu yuxarıya çatdılar. Əvvəl Bəhmənliyə dəyib, oradan yaylağa qalxacaqdılar. Bəhmənliyə az qalmışdı.
Pənahəli bəy bilirdi ki, Nadir şahdan qaçıb qurtarmaq çətin işdir. Onu mütləq axtaracaqdılar. Lap xeyirxahlıqla da axtarsalar, Pənahəli bəy əsla üzə çıxmaq fikrində deyildi. Başa düşmüşdü ki, şahın sarayı onun üçün baş daşında yazısı belə olmayan məzardır. Yenidən saraya qayıtsa, oradan salamat çıxa bilməyəcəkdi… Nadir şaha sə-daqətlə qulluq etdiyinə görə artıq o, azadlığını da itirmişdi. Öz vətənində hazırda azad təkcə bu yovşan iyisidir. Kaş elə yovşan iyinə çevriləydi, küləklər də onu Qarabağın bu başından o başına aparaydı…

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289472) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Bərəs tayfasının yaşadığı Dünyamalılar kəndi indi ən abad və gözəl kəndlərdən biridir.

2
Saray təpəsi indi də durur.

3
Raca – burada: hindli zadəgan

4
Zəhirəddin Baburun oğlu Hümayun, doğrudan da, kömək üçün İran hökmdarına müraciət etmişdi, amma tarixdə belə müqavilənin olduğu məlum deyil. Hümayun 3 min döyüşçü əvəzində Təhmasibə çox qiymətli bir almaz bağışlamışdı.

5
«Şah almazı» – Nadirin Hindistandan gətirdiyi bu almaz 1828-ci ildə Tehranda öldürülən rus diplomatı Aleksandr Qriboyedovun qan haqqı olaraq rus çarına göndərilmişdi. Hazırda Rusiyanın Almaz fondunda saxlanılır.
Pənahəli xan Фарман Керимзаде

Фарман Керимзаде

Тип: электронная книга

Жанр: Историческая литература

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Pənahəli xan, электронная книга автора Фарман Керимзаде на азербайджанском языке, в жанре историческая литература

  • Добавить отзыв