Robin Hud

Robin Hud
Xalq yaradıcılığı (Folklor)
Dünya ədəbiyyatından seçmələr
Sərrast oxatan və mahir qılıncoynadan olan Robin Hudla bu kitabda ənənəvi obrazındadır – məzlumların müdafiəçisi, zalımların isə qənimidir.


Robin Hudun macäraları

Robin Hudun doğulması
Ay işığı yaşıl ağacların arasından düşüb kiçik kilsəni işıqlandırırdı. Meşə sükuta qərq olmuşdu. Birdən ağacların arasından ucaboy bir kişi çıxdı. O, yan-yörəsinə ehtiyatla baxa-baxa kilsəyə tərəf gəldi. Daş pillələrlə qalxıb ağır qapını açarla açdı. İçəri daxil olub şamları təzəcə yandırmışdı ki, qapı astadan döyüldü.
O, qapını azacıq aralayıb gələnləri tanıdı və gülümsəyib içəri buraxdı.
Yolçular plaşlarını soyunmağa başladılar. Ucaboy kişi üst paltarını atıb keşiş libasında qaldı. Mehrabın[1 - Mehrab– kilsədə, məsciddə ibadət edənlərin üzlərini çevirdikləri oyuq yer] qarşısında əyilib dua edəndən sonra üzünü cütlüyə tərəf çevirdi. Kişi və qadın isə əl-ələ tutub ona tərəf gəldilər.
–Biz tələsməliyik, – cavan oğlan həyəcanla dedi, –hiss edirəm ki, arxamızca gəlirlər. Ona görə də nə qədər ki bizi tutub Coannanı atasının qəsrinə aparmayıblar, evlənməliyik.
–O, yenə də sizin kəbininizin əleyhinə çıxır? – keşiş kədərlə soruşdu.
–Hə, – gənc qadın dedi. – Səbəbi də budur ki, Vilyam Fitzutun bir tərəfi saksoniyalı, bir tərəfi isə normanddır. Normandlar atama çox pislik ediblər. Buna görə də istəmir ki, mənim ərə gedəcəyim adamın damarlarında normand qanı axsın.
–Bunu mən də bilirəm, – keşiş astadan dedi, – ancaq madam ki bir-birinizi belə sevirsiniz, mən sizin kəbininizi kəsəcəyəm və dua edəcəyəm ki, xoşbəxt olasınız, övladlarınız sizə yalnız sevinc bəxş eləsinlər.


Keşiş bunu deyib müqəddəs kitabı açdı və onların kəbinini kəsdi. Sonra gənc ər-arvad tez meşəyə qaçdılar, ata minib ensiz bir cığırla Vilyam Fitzutun Loksli Holl adlanan qəsrinə gəldilər.
Coannanın atası ser Corc Fitzuolter dəniz səyahətinə hazırlaşırdı. Qızı ilə vidalaşmaq istəyirdi ki, şahzadə Con çapar göndərib onu vacib bir iş üçün yanına çağırtdırdı. Ser Corc düz bir il səfərdə oldu, qızının qaçmağından isə geri qayıdanda xəbər tutdu. Elə sarsıldı ki, bir müddət özünə gələ bilmədi.
Sonra isə qəzəblə qışqırmağa başladı:
– Onlar necə mənim əleyhimə gedə biliblər? Mənim icazəm olmadan necə evləniblər? Mən bu qanunsuzluğa son qoyacağam. Mənim ailəmdə heç kəsin damarından normand qanı axmamalıdır. Tez atımı yəhərləyin, qoy altı ən yaxşı döyüşçüm də mənimlə getsin! Cəld olun! Mən qızıma bir gün də olsun bu adamın evində qalmağa icazə verməyəcəyəm!


Qulluqçular tələsik atları yəhərlədilər. Ser Corc qəsrin pilləkənləri ilə düşə-düşə elə qışqırırdı ki, səsi az qala gedib Şervud meşəsinə çatırdı. Lord və əsgərləri atlarını qamçılayıb Fitzutun evinə tərəf sürməyə başladılar.
Vilyam Fitzut ovdan təzəcə qayıdırdı. Birdən evinə tərəf çapan atlıları gördü. Fikirləşdi ki, onlardan heç bir xeyir xəbər gəlməz. Gördü ki, qəzəblənmiş adamlar atdan düşüb pilləkənlərlə yuxarı çıxmağa başladılar. İstər-istəməz əlini qılıncın dəstəyinə atdı, amma özünü saxlayıb silahı çıxartmadı.
Evə yaxınlaşıb ucadan soruşdu:
– Nə olub? Niyə tələsirsiniz? Nə baş verib?
Ser Corc qışqırdı:
– Hələ bir soruşursan da! Sən bunu sorğu-sualsız başa düşməlisən, ay quldur! Hanı mənim qızım? Tez onu mənim yanıma gətir, atını da yəhərlə! Tez elə deyirəm sənə!
Vilyam qayınatasını indi tanıdı. Ser Corc bir neçə dəqiqə susdu. Sonra yenə qışqırmağa başladı.
– Qızımı bura gətir. Ona at ver.
– Sizin qızınız indi at belində gedə bilməz, – Vilyam qətiyyətlə dedi. – Bizim uşağımız olacaq, bu uşaq bizim ailəmizin dayaqlarını möhkəmləndirəcək. Evə gəlin, ser Corc. Qulluqçulara tapşıraram, sizə və adamlarınıza içməyə bir şey verərlər.
Ser Corc dinməzcə Vilyamın ardınca içəri girdi. Bir neçə dəqiqədən sonra o artıq təzə süd içirdi, bayırda qalan adamları isə sərin içkiyə qonaq edilmişdilər.
Vilyam uşaq adını çəkən kimi ser Corc acığının soyuduğunu hiss elədi. İndi ancaq qızını fikirləşirdi, qəzəbi narahatlığa çevrilmişdi.
Vilyam qayğılı-qayğılı var-gəl edirdi. Yuxarıda Coannaya qayğı göstərən həkimdən bir xəbər gözləyirdi.
– Mənim Coannaya olan sevgim günü-gündən artır, – dedi. – O da məni çox sevir. Biz xoşbəxtik, ser Corc. Amma bizim xoşbəxtliyimiz tam deyil. Sizin hələ də bizim evlənməyimizə razı olmamağınız bizi məyus edir. Əgər siz mənim damarlarımdan normand qanı axdığını unutsanız və mənə ailəsini sevən bir insan kimi yanaşsanız, biz çox şad olarıq.
Ser Corc köksünü ötürdü, amma heç nə deyə bilmədi. Çünki bu zaman yeni doğulmuş körpənin çığırtısı evi başına götürdü. Vilyam sevinclə qışqırdı, ser Corc isə böyük yüngüllük hiss edib ayağa qalxdı.
– Mənim nəvəm, – həyəcanlı səslə dedi, – mənim yeganə nəvəm!
Vilyam tez yuxarı qaçdı. Ser Corc isə fikirlərə qərq olmuş halda yaranmış vəziyyəti düşünürdü. O artıq bu nikaha qarşı çıxdığı üçün peşmançılıq çəkməyə başlamışdı. Əgər qızının əleyhinə getsəydi, nə onu, nə də nəvəsini görəcəkdi.
Böyük stolun üstündəki uşaq oyuncağı sanki öz sahibini gözləyirdi. Ser Corc bu xırdaca ox-yaya baxıb gülümsündü. Bu zaman Vilyam bələkdəki körpə də qucağında pillələri düşməyə başladı. Təzə babaya yanaşıb qürurla dedi:
– İcazənizlə oğlumu sizə təqdim edim. Adı Robertdir, amma biz ona Robin deyəcəyik.
Ser Corc körpənin barmaqlarından tutdu, gözləri yaşardı.
– Mənim balaca Robinim, – dedi və üzünü Vilyama tutdu. – Mən sizin ikinizdən də üzr istəyirəm. İndi gedək, Coannanı görüm. Çoxdandır ki, onu görmürəm. İcazə ver, uşağı mən aparım.
Ser Corc Robini əlinə götürüb qızının yataq otağına qalxdı. Üz-gözündən sevinc yağan Vilyam da onun arxasınca getdi.

Robin Fitzut
Şir ürəkli ləqəbi daşıyan Riçard taxta çıxanda dövlət işləri ilə məşğul olmadı. O, əsgər kimi tərbiyə almışdı, buna görə də öz fikrincə birillik darıxdırıcı idarəçilikdən sonra Fələstinə, müqəddəs müharibə aparmağa yola düşdü. İngiltərənin idarəsini etibarlı dostu baş keşişə tapşırdı. Özünü isə tamamilə müharibəyə həsr etdi. Onun artıq ölkədə baş verənlər haqqında düşünmək üçün vaxtı yox idi.
Riçardı yola salan şahzadə Con onun gedişinə çox sevindi. Yaxşı bilirdi ki, Riçard müharibədə həlak olsa, yaxud hər hansı bir tropik xəstəlikdən ölsə, İngiltərə taxt-tacı qanunla ona çatacaq.
Baş keşiş namuslu adam olsa da, kral Riçardın əleyhinə gedən adamların əlində aciz qalmışdı. Bir müddət sonra bu ləyaqətli adam da şahzadə Conun əlindən qurtulmaq üçün qaçmağa məcbur oldu.
Bundan sonra İngiltərənin vəziyyəti pisləşdi. Şahzadə Con açıq-aşkar soyğunçuluğa başladı. Əhalidən son qəpiyinə qədər vergi alındı, cinayət edənlər doğru-düzgün mühakimə olunmadı, yoxsulluq artdı. Bir çox kəndlilər şahzadənin əlindən yaxa qurtarmaq üçün kral Riçardın ardınca Fələstinə getdilər.
Şahzadə Con əyalətlərə qəddar, rüşvətxor şeriflər təyin etdi. Onların arasında ən zalımı Nottinhem şerifi idi. Ondan hamı qorxurdu, çünki ona müqavimət göstərmək adamlar üçün pis nəticələr verirdi.


Robin Fitzut da belə bir şəraitdə böyümüşdü və gənc yaşlarından ədalətsiz şerifə nifrət edirdi. Bacardığı qədər kasıblara kömək eləyirdi, amma bilirdi ki, bu kömək şahzadə Conla şerifin xalqa etdiklərinin qarşısında heç bir şeydir.
Bir dəfə Robin Nottinhemlə gedərkən bir dəstənin ona tərəf gəldiyini gördü. Bu, şerifin atlı dəstəsi idi. Atlar kəndirlə bağlanmış kasıb bir meşəbəyini sürüyüb aparırdılar. Robin onu yaxşı tanıyırdı.
– Kömək edin! – meşəbəyi qışqırmağa başladı. – Onlar məni asmaq istəyirlər! Ona görə ki istədikləri vergini verə bilməmişəm! Kömək edin!
Robin camaatın içiylə meşəbəyiyə yaxınlaşdı, bıçağı çıxarıb kəndiri kəsdi.
– Qaçın gizlənin, – deyə əsirə pıçıldadı.
İzdiham atlıların hərəkətinə mane olurdu. Bir də gözlərini açıb gördülər ki, yerlə sürüdükləri şerifin ən sadiq köməkçisidir. Qarışıqlıqda heç kəs Robinin dustaq əvəzinə kəndirə onu bağladığını görməmişdi.
– Əllərimi açın! – köməkçi qışqırdı. Atlılar onun əl-ayağını açdılar. Əsgərlərdən biri dedi:
– Mən izdihamın içində Robin Fitzutu gördüm. Adamlar bizi sıxışdıranda o da oradaydı. Onun şerifdən zəhləsi gedir.
Şerifin köməkçisi dedi:
– Yaxşı, biz onunla hesablaşarıq. Deyəsən, özü öz başına bəla açmaq istəyir. Bu gün o evlənir, ondan qisas alacağam. Ağlıma bir fikir gəlib, ardımca gəlin.
Köməkçi bir saatdan sonra özünü şerifin yanına saldı.
– Nə lazımdır? – şerif kobud tərzdə xəbər aldı.
– Məndə Robin Fitzut haqqında dəyərli məlumat var. Məncə, siz yalançı Hantinqton qrafı Robin Fitzutu tanıyırsınız?
– Siz doğru dediniz, o, yalançıdır, – şerif razılaşdı. – O, ana tərəfdən və ata tərəfdən sakson olduğu üçün qraf rütbəsinə iddialıdır.
– Bu gün o, lord Fitzuolterin qızı ledi Mariannaya evlənir. Axşam Loksli Hollda böyük qonaqlıq olacaq. Mən fikirləşdim ki, bəlkə, siz ona baş çəkəsiniz. Çağırılmamış qonaq kimi.
– Mən niyə oraya baş çəkməliyəm? – şerif başa düşmədi.
– Bəlkə, ona borcunuzu qaytarasınız. Mən bilən, sizin ondan incikliyiniz olmalıdır. O, həmişə bilə-bilə sizin əleyhinizə çıxıb.
– Rədd olun! – şerif əsəbiləşdi. – Boş şeylərdən ötrü məni narahat etməyin! Mənim Robin Fitzutla zarafatlaşmağa vaxtım yoxdur. Xoş getdiniz. Yeri gəlmişkən, iki gün əvvəl tutduğunuz iş üçün mənə pul borclusunuz. Qızılları bura sayın.
Köməkçi qızılları verdi, bu gün başlarına açılan oyunu danışdı. Şerif ona dedi ki, bir az da artıq pul versə, toyda iştirak edə və Robin Fitzutdan hayıf çıxa bilər. Köməkçi Robin Fitzutdan elə yanıqlıydı ki, şerifin dediyi məbləğdən imtina etmədi.
Axşam şerif qara plaşını geyindi, özüylə dörd nəfər xidmətçi götürdü. Xidmətçilər xəncərlərini paltarlarının altında gizlədilər. Hamısı bir yerdə Fitzutlar ailəsi yaşayan Loksli-Holl qəsrinə yollandı. Toy hədiyyəsi olaraq kiçik bir bağlama aparırdılar. Adamlara qarışıb hiss edilmədən içəri daxil oldular. Şerif hədiyyəni təqdim edib qonaqlıq zalına girdi.
Ər-arvad gözəl görünürdülər. Robinin otuz, Mariannanın isə iyirmi beş yaşı tamam olmuşdu. Onlar qonaqları salamladılar, məclis davam etdi. Cütlük kilsəyə kəbin kəsdirməyə gedəndə Robinin dostu Uill Skarlet şerifin gəlişindən onu xəbərdar edib ehtiyatlı olmasını tapşırdı.
Ər-arvad evdən at belində aralandılar, arxalarınca arabalarda qonaqlar gəlirdi. Robin astadan Mariannaya dedi:
– Şerif bizim arxamızca gəlir. Əminəm ki, bizim evlənməyimizə mane olmaq istəyir. Gərək biz kilsəyə hamıdan tez gedib kəbinimizi kəsdirək. Sonra mərasimi qonaqların yanında təkrar edərik. Şerifin məqsədini yalnız bu cür öyrənə bilərik.
Robinlə Marianna atlarını mahmızlayıb kilsəyə qonaqlardan düz bir saat əvvəl çatdılar. Keşiş onları şahidsiz-zadsız ər-arvad elan elədi. Qonaqlar gələndə isə rəsmi kəbinkəsmə mərasimi başlandı. Keşiş evlənənlərin razılığını almaq istəyirdi ki, kilsənin içindən şerifin səsi eşidildi:
– Mən etiraz edirəm! Robin Fitzut satqındır! Kral əmr edir ki, onun mülkü, torpaqları əlindən alınsın, özü də bütün hüquqlardan məhrum edilsin.


– Sübut gətirin! – Robin üzünü zaldakılara tutdu. – Kralın, ya da onu əvəz edən baş keşişin sənədini, yaxud möhürünü göstərin!
– Sənəd baş keşişdədir, onu bir neçə gündən sonra təqdim edə bilərəm, – şerif dedi.
– Mən də bu nikaha etiraz edirəm! – deyə başqa bir səs eşidildi. Bu, şerifin ən yaxın köməkçilərindən biri Qay Qisborn idi. – Robin Fitzutun qraflıq iddiaları əsassızdır. Köhnə sakson qraflarının hamısının hüququ əllərindən alınıb.
– Yaxşı, qoy belə olsun! – Robin ucadan dedi. – Bu gündən etibarən Robert Fitzut adlı adam yoxdur. Qoy bundan sonra mənə Robin Hud desinlər. Bu ləqəbi mənə babam verib. Kral Riçard İngiltərəyə qayıdana kimi mən azadlıq və ədalət olan yerdə yaşayacağam. Var-dövlətimi məzlumlara paylamaq üçün özümlə aparacağam.
– Mən sənin mülkünü və torpaqlarını kral naminə əlindən alıram.
– Kral Riçard müharibədən qayıdan kimi hamısını özümə qaytaracaq, – Robin təmkinlə dedi.
– Satqın! – Qay Qisborn qəzəblə dilləndi.
– Mən kasıblara və əzilənlərə kömək edəcəyəm. Mənim aləmimdə ədalət budur. O ki qaldı sizin nikaha mane olmanıza, biz bir saat əvvəl kəbinimizi kəsdirmişik. Mərasim başa çatandan sonra Marianna ilə birlikdə buradan çıxıb lazım bildiyim yerə gedəcəyəm.
– Mən səninlə dünyanın o başına gedərəm, Robin, – Marianna qürurla dedi. – Bizi heç nə ayıra bilməz.
Kəbinkəsmə mərasimi başa çatan kimi Robin Mariannanı atasıyla birlikdə meşədəki sığınacağa yola saldı. Özü isə Qay Qisbornla haqq-hesab çəkmək üçün kilsədə qaldı. Üzünü ona tutub:
– Cəngavər bir az məşq eləmək istəyirsə, mən ona kömək edə bilərəm, – dedi.
– Buyurun, – Qay Qisborn da istehzayla cavab verdi. Onlar döyüşmək üçün kilsədən bayıra çıxdılar. Meşədəki talaya gəlib qılınclarını siyirdilər, döyüşə atıldılar. Amansız döyüşdən sonra Robin Hud Qay Qisborna çoxlu yaralar vurub onu yerə sərə bildi. Özünün isə bircə yeri belə cızılmadı.
Robin Qisbornu beləcə sərələnmiş vəziyyətdə qoyub atına mindi və bir neçə dostu ilə birlikdə meşəyə çapdı. Döyüşü uzaqdan seyr edən şerif yaralanmış Qisborna qalxmaqda kömək etdi. Qay acıqla ona baxıb dedi:
– Bu gecə bizim üçün uğursuz oldu. Özümüzə düşmən qazandıq. Bundan sonra gərək ehtiyatı əldən verməyək.
Şerif bir müddət özünə gələ bilmədi. O, qisas haqqında düşünürdü.
– Elədir, – dedi. – Amma təkcə biz yox, Robin Hud da düşmən qazandı. Tezliklə o bizim necə düşmən olduğumuzu biləcək.

Rahib Tuk
Rahib Tuk tövbə əlaməti olaraq diz çökməkdən və şahzadə Conun ayaqlarını yumaqdan imtina edəndə şahzadə bərk qəzəbləndi. Rahib onun nazı ilə oynamaq istəmədi, çünki onu görməyə gözü yox idi. Abbat[2 - Abbat– ruhanilərə verilən fəxri ad]öz canının qorxusundan Tuku monastırdan[3 - Monastır– rahib və rahibələrin dini icması] qovmalı oldu. Əgər Cona hörmətini bildirməsəydi, şahzadə abbatı asdırar, monastırın bütün var-dövlətinə yiyələnərdi.
Rahib Tuk çay kənarında bir az dincəldi, özüylə götürdüyü çörəyi yedi, sonra Şervud meşəsinə üz tutdu. Meşə onun ürəyincə idi və rahib hər hansı təhlükəni dəf etmək üçün özündə güc hiss edirdi. Əlağacına söykənə-söykənə yeriyirdi, əlində isə böyük bir qılınc tutmuşdu. Birdən kolluqdan bir dovşan çıxdı, qaçıb özünü suya salmaq istəyirdi ki, qəfil atılan bir ox ürəyinə sancılıb onu öldürdü.
Rahib Tuk ətrafa baxdı. Bu zaman kolluqdan əynində cır-cındır olan bir quldur çıxdı. O, əlində yay tutmuş, çiynindən oxqabı asmışdı. Rahibə baxıb iki cərgə çürük dişlərini ağartdı.
– Sabahın xeyir, rahib, – gur səslə dedi. – Mən kompanxerstli abidəm. Öldürülmüş dovşan görmə-misən ki?
– Hə, buradadır. O yazığı sənin atdığın ox öldürdü. Deməli, sən kompanxerstli abidsən?
– Bəli, – çirkli adam təsdiqlədi. – Sənin qulluğundayam, rahib!
– Mən elə bilirdim ki, bütün abidləri tanıyıram. Sən demə, belə deyilmiş.
– Mən məşhur abid Alfredin qardaşı oğluyam. İndi icazə ver, dovşanı götürüm aparım.
– Mən çox istərdim ki, onun mağarasına baş çəkim. – Rahib Tuk ayağa qalxdı. – Orada bir neçə saat oturub köhnə vaxtları yada salaram. Hə, əziz abid, qabağa düş görək!
Abid dovşanı götürüb meşəylə getməyə başladı. Tuk da onun dalınca getdi. Birdən yadına nəsə düşdü, abiddən xəbər aldı:
– Mən bilən, Alfredin qohumu yoxdur axı?
– O… mənim əsl dayım deyildi, – abid kəkələdi. – Mən onu hörmətlə belə çağırırdım.
– Sən dovşanı bu gün yeyəcəksən? – Tuk yenə soruşdu.
– Hə, bu gün yeyəcəyəm.
– Bəs xəbərin yoxdur ki, bu gün cümə günüdür, bu müqəddəs gündə ət yemək olmaz?
Abid yenə tutuldu:
– Onda… mən dovşanı sabah yeyərəm.
Əvvəlcə balıq tutdular, bir az da ov edəndən sonra, nəhayət, gəlib abidin yaşadığı mağaraya çatdılar. Rahib Tuk onun yalançı olduğunu başa düşmüşdü. Artıq hirslənməyə başlamışdı. Axşam yeməyinə quru pendir, bərkimiş çörək, bir də iylənmiş su görəndə lap özündən çıxdı.


– Bugünkü ovun əvəzində bu çox az işdir, – dedi.
– Balığı təmizləmək vaxt aparacaq. Əgər pul ödəsən, sənə yaxşı yemək bişirərəm.
– Sən mənim bu gün əldə etdiyim ov üçün məndən pul istəyirsən? Yoxsa deyəcəksən ki, qalmaq pulunu da verim?
– Əlbəttə. Görmürsən ki, mən yoxsul adamam?
– Meşədən istifadə edən adam yoxsul ola bilməz. Cəld ol! – Rahib amiranə tərzdə dedi. – Mənə iki balıq bişir!
Abid susub yemək hazırlamağa girişdi, rahib Tuk isə mağaranın içərisini gözdən keçirməyə başladı. Bura qaranlıq və çirkli yer idi. İçəridə arıq bir it quduzcasına hürür, sanki rahibin üstünə atılmaq istəyirdi.
– Sakit ol, köpək, – Tuk dedi. – Mənim sənin qoruduqlarınla işim yoxdur.
Sonra bayıra çıxdı, çaya tərəf gedib sahilə bağlanmış qayıq gördü. Bir müddət sonra yemək hazır oldu. Rahib Tuk acgözlüklə şam elədi. Azacıq itə də atdı. Sonra qərara gəldi ki, mağara sakinlərinin səs-küyündən uzaq olmaq üçün bayırda yatsın. Mağaradan bir xeyli aralandı, kolların içində yerini rahatlayıb uzandı.
Təzəcə mürgüləməyə başlamışdı ki, at ayaqlarının səsini və it hürüşü eşitdi. Başını qaldırıb talada iki nəfər, yanlarında da yüklü bir qatır gördü. Özünü abid adlandıran adam mağaradan çıxıb tez onları qarşılamağa getdi. Rahibin yatdığı yeri onlara göstərdi; kişilər astadan danışmağa başladılar. Qatırı açıb içi qızıl-gümüş dolu kisələri bellərində mağaraya apardılar. Haradansa böyük sərvət ələ keçirmişdilər.


Rahib Tuk başa düşdü ki, oğruların arasındadır. O, haqq yoluyla gedən adam olduğu üçün belə şeylərə dözə bilməzdi. Buna görə də çox düşünmədən özünü quldurların dalınca mağaraya saldı. Oğrular qonaqlıq düzəltmişdilər, yeyib-içirdilər. Rahibi görəndə özlərini itirdilər.
– Yaşasın kral Riçard! – deyə Tuk təntənəylə bildirdi. – Allah onu hifz eləsin!
– Rədd olsun kral Riçard! – quldurlar dedilər. – Riçardın İngiltərəyə heç bir faydası yoxdur. O, ölkə ilə maraqlanmır, heç nədən ötrü vuruşduğunu da bilmir. Biz şahzadə Conun tərəfdarlarıyıq.
– Haqlısınız, – Tuk dedi, – çünki o da sizin kimi quldurdur. Xalqın varını çapıb-talayır, ona zülm edir. Yəqin ki, oğurladığınız qızıl-gümüşü aparıb ona verəcəksiniz, o da sizi yaxşıca mükafatlandıracaq. Yaramaz oğrular!
Quldurlar qılınclarını çıxarıb onun üstünə atıldılar. Rahib Tuk ağırtərpənən olsa da, güclü adam idi, buna görə də bir andaca qılıncını çəkib quldurların hamısını məğlub elədi. Qılınclarını vurub əllərindən saldı. Onlar qorxudan meşəyə qaçıb getdilər. Tuk mağaraya baxıb çoxlu daş-qaş, qızıl-gümüş gördü. Öz-özünə dedi:
– Robin Fitzut varlıların sərvətini əllərindən alıb kasıblara paylayır. Mən də belə edəcəyəm. Bu, doğrudan da, xeyirxah işdir.
Sonra mağaranı səliqəyə saldı. Qərara gəldi ki, elə buradaca yaşasın. Sahildəki qayıqla çaydan adam keçirib çörəkpulu qazansa bəs edər. Beləcə yeni həyata başladı. Təzə həyat ona həm maraqlı, həm də uğurlu gəlirdi.

Yeni məskəndə
Robin Hudun Marianna və dostları ilə birlikdə Şervud meşəsində keçirdiyi ilk gecə narahatlıq və qayğılarla dolu idi. Marianna kiçik bir mağarada yatdı, mağaranın ağzına gözətçi qoydular.
Səhər hamı təpənin ətəyindən axan çayda yuyundu, soyuq ət yedi və suyu soyuq içdi. Çünki yeməyi bişirsəydilər, iyisi onları təqib edən əsgərləri cəlb edə bilərdi. Sonra sakitcə meşənin dərinliklərinə tərəf yol aldılar.
Robin Hud axtardığı yeri tapanda hava artıq qaralmışdı. Bu, çətinliklə sezilə bilən torpaq parçası idi; ağacların arasında bataqlıqla və iri qaya parçaları ilə əhatə olunmuşdu. Yolçular bu təhlükəsiz yerə gəlib çatana qədər bərk yorulmuşdular. Amma mağara tapmaqda və budaqlardan yataq düzəltməkdə Robinə kömək etdilər. Robin Hud dedi:
– Mən Nottinhemdə çoxlu pul gizlətmişəm. Mənim bir dostum var, biz ondan ox-yay ala bilərik. Paltar tikmək üçün parça, yorğan-döşək əldə edərik. Bunun üçün vaxt lazımdır, hələlik isə dözməli və aza qane olmalıyıq.
Beləcə Robin Hud və yoldaşları yeni məskəndə sığınacaq tapdılar və bu yer getdikcə düşmən üçün keçilməz olan qalaya çevrildi. Qaçaqlar ov edir, balıq tutur, düşərgəni sahmana salırdılar. Bir dəfə söhbət əsnasında Uill Skarlet Robin Huda dedi:
– Sən heç Şervud meşəsində gizlədilmiş uğur buynuzu haqqında eşitmisən?
– Məncə, bu əfsanəni hamı eşidib, – Robin Hud dedi. – Mən inanıram ki, bu, uydurma deyil. Onda az da olsa həqiqət payı var. Amma bilmirəm o harada gizlədilib.
– Mən bilirəm, – dəstəyə qoşulmuş meşəbəyi Martin Maç dilləndi. – Sizi oraya apara bilərəm, ancaq xəbərdar edim ki, onu əldə etmək çətindir, çünki buynuz səylə qorunur.
– Mən bu buynuzu gətirmək istəyirəm, – Robin Hud cavab verdi. – O, adamları yığmaqda, dara düşəndə mənə gərək olacaq. Sən məni oraya apara bilərsən, Martin?
– Apara bilərəm, – Martin sevincək oldu. Meşədəki həyat darıxdırıcı olmuşdu, balıq tutmaqdan və ov etməkdən başqa iş yox idi. Buna görə də yeni macəra hamı üçün maraqlı olmalıydı.
Hava qaralan kimi Robinin başçılığı ilə kiçik bir dəstə buynuzun axtarışına yollandı. Xeyli getdilər, lazım olan yerə çatanda meşəbəyi tapşırdı ki, addımlarını yavaşıtsınlar.
Birdən ağacların arasından nərilti eşidildi. Qaçaqlar cəld qılınclarını çıxartdılar. Səs ağacların arasında əks-səda verib kəsildi. Martin işarə etdi ki, ehtiyatla yollarına davam etsinlər. Yolçular gəlib bir mağaranın ağzına çatdılar.
Bu dəfə nərilti yenidən, həm də arxa tərəfdən eşidildi; qaçaqlar başa düşdülər ki, tələyə düşüblər: böyük bir heyvan mağaranın girişini tutmuşdu. Dəstədəkilərdən heç kəs ömründə belə böyük it görməmişdi.
Bu vaxt yuxarıdan bir səs eşidildi:
– Tut onları, Beyn. Bizə lazım deyil kiçik Conun adamları buraya gəlsinlər. Onlar sehrli buynuzun dalınca gəliblər, amma onu əldə edə bilməyəcəklər.
Yuxarıdan düşən zəif bir işıq Robini başını qaldırmağa məcbur elədi. Mağaranın üstündəki deşikdən əlində məşəl tutmuş saqqallı bir adam baxırdı.
– Tut onları! Nə gözləyirsən? – o, itə qışqırdı.
İt qəfildən qaçaqların üstünə cumdu. Dəstənin üzvləri hündür bir qaya çıxıntısına dırmaşdılar.
– İti öldürməyin, bu, sahibi qəzəbləndirəcək. Mən çalışaram onu sakitləşdirim, – Robin Hud dedi. Sonra mağaranın ağzına gəlib itin yalından tutdu. Bir neçə dəqiqə tutaşandan sonra heyvanın qulağına xoş sözlər pıçıldayıb başını tumarlamağa başladı. İt ovsunlanmış kimi sakitcə mağaranın bir küncünə çəkildi. Amma içəridən yenə səs gəldi:
– Mən kiçik Conun tərəfdarına itimlə dostlaşmağa icazə vermirəm.
– Mən Conun tərəfdarı deyiləm, – Robin dedi, – ona görə də sakit ol, dostum. Məncə, biz ikimiz də kral Riçardın tərəfdarıyıq. Allah onu hifz eləsin!
Saqqallı adam məşəli qaldırıb Robin Hudun üzünə baxdı.
– Mən sizi tanıyıram. Siz Hantiqton qrafısınız! Gecənin bu vaxtı bu mağarada nə işiniz var?
– Mən əvvəl qraf idim. Toyumda mübahisə düşdü, bu da mənim həyatımı həmişəlik dəyişdi. İndi arvadım və dostlarımla Şervud meşəsində yaşayıram. Fikirləşdim ki, uğur buynuzunun sahibi yoxdur, onu götürməyə gəldim.
– Gəlin belə bir şərt kəsək, – adam dedi, – əgər silahsız tutaşmada siz mənə qalib gəlsəniz, buynuz sizindir.
Amansız mübarizə başladı. Robin Huda bir neçə dəfə elə gəldi ki, daha uduzub. Döyüş uzandı. Tutaşanların paltarları cırıldı, özləri qan-tərə batdılar. Ancaq rəqibinin gücdən düşdüyünü hiss edən Robin onu yerə yıxıb dizini sinəsinə qoydu və saqqalından tutub o qədər dartdı ki, kişi yalvarmağa başladı. Robin ayağa qalxdı.
– Siz qalib gəldiniz, Robin. Buynuz sizindir, – kişi tövşüyə-tövşüyə dedi. Sonra əlində məşəl onu mağaranın içinə aparıb buynuzu göstərdi. Robin Hud məşhur buynuzu əlinə götürdü, təmiz və aydın səslə çaldı. Sonra buynuzu kəmərinə keçirib dostlarına göstərmək üçün mağaradan çıxdı. İt də onun dalınca düşdü. Robin üzünü buynuzun keşikçisinə tutub dedi:
– Yaxşı olar ki, siz də bizə qoşulasınız, dostum. Burada tənha qalmağınızın mənası yoxdur. Mənə yaxşı döyüşçülər lazımdır. Bir də siz hər gün buynuzun səsini eşidəcəksiniz.
– Məmnuniyyətlə, – keşikçi dedi. – Mən ser Robinlə dünyanın o başına da gedərəm. Beyn, sən də mənimlə gedirsən, eləmi?
İt ucadan hürdü və sahibinin yanında oturdu.
Birlikdə düşərgəyə qayıtdılar.
Səhəri gün buynuzun əldə olunması münasibətilə qonaqlıq təşkil olundu. Robin Hud belə bir nitq söylədi:
– Əzizlərim, mən sizə inanır və etibar edirəm. Sizin aranızda Uill Skarlet kimi, Meşə Pəhləvanı kimi cəsurlar var. Dostluğumuz günü-gündən möhkəmlənəcək. Amma bizim həyatımız təhlükələrlə dolu olacaq. Biz yoxsullara, əzilənlərə kömək edəcəyik. Varlıların sərvətini talayıb kasıblara verəcəyik. Burada pis heç nə yoxdur. Biz kral Riçardın tərəfindəyik, şahzadə Conun əleyhinəyik. Nottinhem şerifi də, Qay Qisborn da bizim düşmənlərimizdir. Hansı birimiz onların əlinə keçsə, asılacaq. Buna görə də biz meşəni tək yox, böyük və kiçik dəstələrlə dolaşacağıq. Hamımız ayıq-sayıq olmalıyıq. Mən dara düşəndə, çətin bir iş həll edəndə sizi bu buynuzla köməyə çağıracağam.
Bunu deyib buynuza üfürdü, uzun və aydın səs eşidildi. Sonra dedi:
– İndi də gəlin içək işlərimizin uğurlu olması üçün.
Qədəhlər qalxdı, hər yandan "Ura" səsləri eşidildi.

Robin Hud şerifin dərsini verir
Meşəbəyi əzab-əziyyətlə kəsdiyi tirləri həyətinə təzəcə gətirmişdi. Nottinhem şerifi cəld onun başının üstünü aldı. Tirlərə baxıb:
– Əla ağaclardır, – dedi. – Şahzadə Con razı qalacaq. Ancaq siz Londonda verilən məbləği almayacaqsınız, çünki vergi ödəməlisiniz. Düz iki yüz giney[4 - Giney– İngiltərədə qədim pul vahidi] verməlisiniz.
Meşəbəyi və arvadı heyrətdən donub-qaldılar. Şerif sözünə davam etdi:
– Vergini bir həftə ərzində çatdırmalısınız. Yoxsa sizi ciddi təhlükələr gözləyir. Şahzadə Con onun əmrindən çıxanları sevmir.
– Mənim iki yüz gineyim yoxdur, – meşəbəyi köksünü ötürdü. – Biz birtəhər pul yığıb birhəftəlik ərzaq almışıq. Mən şahzadəyə bu məbləği necə verə bilərəm axı?
– Hər kəsilmiş ağac üçün vergi təyin olunub, – şerif dedi. – Onu bütün meşəbəyilər ödəyirlər.
– Axı mən məlum olan bütün vergiləri də, meşənin bu hissəsi üçün təyin olunmuş məbləği də ödəyirəm, – meşəbəyi yenə etiraz etdi.
– Əgər dediyimi vermək istəmirsənsə, başqa cür də edə bilərik, – şerif istehza ilə dedi. – Torpağını əlindən alarıq.
– Ola bilməz, – meşəbəyi az qala inildədi.
– Ola bilər, əzizim. Biz başqaları ilə də bu cür davranmışıq.
– Mənə vaxt verin, – meşəbəyi yalvardı.
– Sabaha qədər vaxtın var, – deyə şerif ata minib uzaqlaşdı.
Meşəbəyi özünə gəlməyə macal tapmamış meşədən yük atları qoşulmuş böyük bir araba çıxdı. Arabanı sürən adam ona dedi:
– Biz sənin şalbanlarını götürməyə gəlmişik. – Və köməkçisi ilə birlikdə tirləri arabaya yükləyib getdi.


– Vəssalam, – meşəbəyi gözləri yaşarmış halda arvadına dedi, – daha bizim heç nəyimiz yoxdur, müflis olduq.


Qəfildən meşədən yaşıl paltarlı bir adam çıxıb onlara tərəf gəldi:
– Hörmətli meşəbəyi, mən baş verənləri eşitdim. Narahat olmayın, biz sizə kömək edərik.
Meşəbəyi və arvadının gözlərində ümid oxundu.
– Məncə, bu, Robin Huddur, – meşəbəyi sevinclə dedi. – Hə, bu odur! Biz bəlaya düşmüşük, əziz Robin. İndi neyləyək?
– Sizə imkanım qədər kömək edərəm, – Robin Hud dedi. – Evinizə gedin. Bu ovu da aparın, bişirib yeyin, səhərə qədər gözləyin. Mənim planım var. Səhər mən sizə baş çəkərəm.
Robin Hud ov ətini ər-arvada verib onları yola saldı. Ağacların arasında gizlənib şerifin dediklərini eşitmişdi. Tanınmamaq üçün başlıqlı plaş geyinib özünü tir aparan arabaya çatdırdı. Arabanı saxlatdırıb yükdaşıyandan soruşdu:
– Bu tirləri hara aparırsınız?
– Londona, – arabaçı cavab verdi. – Orada şerifin vacib bir müştərisi var, ona satacağıq. Amma sözün düzü, bu səfər mənim ürəyimcə deyil. Yol həm uzundur, həm də quldurlarla doludur.
Robin Hud cibindən pul kisəsini çıxarıb dedi:
– Yaxşısı budur, gəlin bu şalbanları ikiqat baha qiymətə mənə satın. Mən arabanı və atları da alıram.
Arabaçı pul kisəsini görən kimi gözləri işıldadı, tez razılaşdı. Robin pulları arabaçının ovcuna qoyub arabaya mindi və yoluna davam etdi.
Bir dəfə Robin hələ Hantinqton qrafı olanda şerif onu aldadıb saxta pul vermişdi. İndi o da bunun əvəzini çıxmış, arabaçıya saxta qızıllar vermişdi. Robin Hud meşənin içərilərinə girdi, adamlarını çağırıb dedi:
– Arabanın üstünü budaqla örtüb gizlədin. Atları isə çəmənliyə buraxın. Altı nəfər şalbanların yanında qalıb mənim tapşırıqlarımı gözləsin. Gecə nə etməli olduğunuzu sizə deyəcəyəm.
Arabaçılar Nottinhemə gəlib əhvalatı şerifə danışdılar. Pulları stolun üstünə tökən kimi şerif hirsindən qıpqırmızı oldu. O öz saxta pullarını tanımışdı.
– Deməli, Robin Hud məndən qisas alır! Axmaqlar, – deyə arabaçılara qışqırdı. – Mən sizə nə tapşırmışdım! Saxta pul götürməyiniz bəs deyil, hələ atları, arabanı da itirmisiniz! Sabah səhər ikinizi də asdıra-cağam!
Qulluqçulardan hansısa bu sözləri eşitdi. Qısa zamanda bütün Nottinhemə xəbər yayıldı ki, Robin Hud şerifi barmağına dolayıb. Kimin şeirfdən zəhləsi gedirdisə, bunu eşidəndə sevindi. Xəbər gəlib Robin Hu-dun özünə çatanda o, qəhqəhə çəkib güldü. Amma Uill Skarlet ona bildirdi ki, şerif iki arabaçını sabah asacaq. Robin Hudun üzü ciddiləşdi:
– Mən razı olmaram ki, mənim zarafatıma görə iki günahsız adamı assınlar. Biz onları mütləq xilas eləməliyik.
Ertəsi gün şerifin adamları iki arabaçını Şervud meşəsinə gətirib boğazlarına kəndir keçirdilər. Bədbəxtlər elə hay-küy saldılar ki, şerifin adamları onların ölümünü gözləmədən çıxıb getdilər. Yükdaşıyanların rəngi qaralanda qəfildən kəndirlər qırıldı. Onlar yerə yıxıldılar. Bu zaman meşədən yaşıl paltarlı iki adam çıxıb dedi:
– Bizi başçımız göndərdi ki, sizi xilas eləyək. Sizdən alınan araba da, atlar da hazırdır. Minib Londona gedin. Bir də Nottinhemə qayıtmayın. Başçımız sizə pul da göndərdi. Qorxmayın, bu dəfə pullar saxta deyil.
Yükdaşıyanlar özlərinə gəlib arabaya mindilər və yola düşdülər.
Səhər şerif meşəbəyinin evinə gəlib onu evdə tapmadı. Daxmanın qapıları açıq idi. İçəridə heç kəs yox idi. Elə bu zaman bir ox gəlib daxmanın qapısına sancıldı. Oxun ucuna məktub bərkidilmişdi. Şerif məktubu açıb oxudu:
"Əgər şalbanlarını geri almaq istəyirsənsə, bu gecə meşə kənarındakı təpənin ətəyinə gəl. İmza: yoxsulların və əzilənlərin müdafiəçisi!"

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/narodnoe-tvorchestvo/robin-hud-68289811/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Mehrab– kilsədə, məsciddə ibadət edənlərin üzlərini çevirdikləri oyuq yer

2
Abbat– ruhanilərə verilən fəxri ad

3
Monastır– rahib və rahibələrin dini icması

4
Giney– İngiltərədə qədim pul vahidi
Robin Hud Народное творчество (Фольклор)

Народное творчество (Фольклор)

Тип: электронная книга

Жанр: Мифы, легенды, эпос

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Robin Hud, электронная книга автора Народное творчество (Фольклор) на азербайджанском языке, в жанре мифы, легенды, эпос

  • Добавить отзыв