Zamanın əsirləri

Zamanın əsirləri
Reyhan Yusifqızı
Müasir Azərbaycan ədəbiyyatı
Bu kitabda yadplanetli qızın axtarışında olan və zaman maşını ilə uzaq keçmişə düşən iki dostun sərgüzəştlərindən bəhs edir. Qəhrəmanlarla birlikdə siz də Daş dövrünün insanları ilə görüşəcəksiniz…

Reyhan Yusifqızı
ZAMANIN ƏSİRLƏRİ

Kosmik qəza nəticəsində Yer planetinə düşmüş yadplanetli qız – Lemi burada bir çox çətinliklərlə qarşılaşır. Məktəbli uşaqlar – Aysel, Kənan və Rüstəm yadplanetli qıza kömək edir və Kainatın sirlərini açmağa çalışırlar. Günlərin birində Lemi dostlarının köməyi ilə öz planetinə qayıdır.
Həmin gündən bir il keçir…

Partlayış
Parkın ortasında, günəşin şüaları altında bərq vuran fəvvarənin yanındakı skamyada bir qız oturmuşdu, əllərini qoynunda çarpazlayaraq nəsə fikirləşirdi. O qədər dərin xəyallara dalmışdı ki, bir az aralıda yelləncəkdə yellənən uşaqlardan birinin ona yaxınlaşdığını heç hiss eləmədi.
– Aysel!
Aysel diksindi. Qarşısındakı qızın gülər üzünü, toppuş yanaqlarını görüncə gülümsədi:
– Sən də burdasan? Necəsən, Ülkər?
Qızcığaz keçib skamyada Ayselin yanında oturdu.
– İkinci sinfi necə başa vurdun? Yəqin, qiymətlərinin hamısı “5”dir.
– Yox, riyaziyyat “4” oldu.
Aysel təəccübləndi:
– Rüstəm kimi qardaşın var – gələcəyin böyük alimi, – niyə o səninlə məşğul olmur?
Ülkər çiyinlərini çəkdi, sonra diqqətlə Ayselin üzünə baxıb astadan soruşdu:
– Nə fikirləşirdin?
– Heç, elə-belə…
Ülkər ona tərəf əyildi:
– Bilirsən, mən də tez-tez onu fikirləşirəm…
– Kimi?
– Lemini! Mən onu çox istəyirəm, lap çox! Görəsən, başqa planetlərdə yaşayanların hamısı belə yaxşıdır?
– Bilmirəm…
– Onun necə qəşəng yaşıl gözləri vardı, sevinəndə elə parıldayırdı ki! Kaş ki Lemidən bir xəbər biləydik. Aysel, səncə, o niyə bizə cavab vermir?
– Heç nə bilmirəm… Bəlkə, ona Yer planeti ilə əlaqə saxlamağa, bizimlə danışmağa icazə vermirlər. O artıq bir dəfə qaydanı pozub, ikinci dəfə poza bilməz, yoxsa mütləq mesajlarımıza cavab verərdi.
– Rüstəm deyir ki, yəqin, bizi Leminin yaddaşından tamam siliblər, o planetdə yaşayanlar üçün bu heç də çətin deyil.
– Bəlkə də.
– Yox, ola bilməz! O bizi yadından çıxara bilməz! – Ülkər köksünü ötürdü, sonra Ayselə tərəf əyilib yavaşca dedi: – Bilirsən, heç kim bizə inanmır. Heç kim inanmır ki, Lemi başqa planetdən gəlmişdi. Mən artıq bu barədə heç yerdə danışmıram, çünki mənə gülürlər.
Onun səsində kədər, təəssüf hiss olunurdu. Aysel bu balaca qızı yaxşı başa düşürdü. Onu sakitləşdirmək ümidi ilə dedi:
– Biz səninlə bilirik ki, bu, doğrudan belədir. Başqaları isə inanmırlar, qoy inanmasınlar. Özləri bilərlər.
Ülkərin bənizi açıldı:
– Düzdür! Leminin yolu çox uzaq idi, amma mən bilirəm ki, o, sağ-salamat öz planetinə gedib çıxıb, indi orada uşaq şəhərciyində yaşayır, məktəbə gedir. Bizi də tez-tez yadına salır.
Bu balaca qızın böyük ürəyinə heyran qalan Aysel onu qucaqlayıb yanağından öpdü:
– Fikir eləmə! Biz nə vaxtsa Lemi ilə mütləq görüşəcəyik, görərsən. – Sonra əlavə etdi: – Bilirsən, bu gün bizim Lemi ilə tanış olduğumuz gündür. Düz bir il keçib…
Onlar bir müddət yanaşı oturub vəcdə gəlmiş su damlalarını səxavətlə ətrafa səpələyən fəvvarəyə baxdılar. Hər ikisi xatirələrin səltənətinə düşdü…
Aysel məktəbin həyətində ilk dəfə Lemi ilə qarşılaşdığı günü xatırladı. O zaman Lemi necə də yalqız və köməksiz idi. Qardaşı Kaanla birlikdə kainatın səyahətinə çıxmış Lemi kosmik qəza nəticəsində Yer planetinə düşmüşdü. Çarəsiz qalmış qızcığaz Ayseldən kömək ala biləcəyini hiss edərək ona yaxınlaşmışdı.
“− Nə istəyirsən?
− Mən? Heç bir şey.
− Bəs niyə arxamca gəzirsən?
− Heç, elə-belə”.
Bu sözləri deyərkən Leminin iri, yaşıl gözlərində parlamış ümid qığılcımları Ayselin heç yadından çıxmırdı. Yadplanetli qızın hissiyyatı onu aldatmamışdı. Aysel qardaşı Kənan və dostu Rüstəmlə birlikdə onu qoruyub saxladılar və öz planetinə qayıtmağa kömək etdilər. Lemidən Ayselə yalnız boz rəngli şumal parçadan olan bir dəst geyim, Kənana isə cürbəcür funksiyaları olan iri qol saatı qalmışdı. Onu Kənan heç vaxt qolundan açmırdı, inanırdı ki, bir gün bu saatın işıqları yanıb-sönəcək və o, yaşılgözlü yadplanetli qızın səsini eşidəcək.
Ülkər Lemi ilə çəkilən fotoşəkillərin heç biri alınmadığı üçün çox pərt olmuşdu. Nə sirdirsə, Lemi ilə olan bütün kadrlar ağ rəngdə çıxmışdı. Təəssüfdən gözləri dolmuş Ülkəri sakitləşdirmək üçün Aysel yadplanetli qonağın çəkdiyi rəsmləri Ülkərə bağışladı.
Bir az aralıda yellənən uşaqların səs-küyü Ayseli fikirdən ayırdı.
– Uşaqlar səni gözləyir. Get oyna.
Ülkər onun əlindən tutub dartdı.
– Sən də gəl.
– Yox, mən burda Kənanla Rüstəmi gözləyirəm, indi gələcəklər.
Rüstəmin adını eşidəndə Ülkər cəld ayağa qalxdı:
– Mən aradan çıxsam yaxşıdır, çünki Rüstəm riyaziyyatdan “4” aldığımı biləndə deyinəcək: “Çalışmaq lazımdır, çalışmaq!” – O bu sözləri eynilə Rüstəm kimi deyərək Ayseli güldürdü. – Guya ki, mən çalışmıram.
Ülkər uşaqların yanına qaçaraq gedəndən sonra Aysel darıxdı, telefonunu açıb qardaşı Kənana zəng vurdu.
– Harada qalmısınız?
– Mən çoxdan məşqdən çıxmışam.
– Bəs Rüstəm?
– Ondan hələ səs-səmir yoxdur.
– Telefonuna zəng vur da!
– Elə bilirsən bu mənim ağlıma gəlməyib? Bizim Eynşteyn zənglərə cavab vermir. Yəqin, yenə Elxan müəllimlə birlikdə fizika laboratoriyasında ilişib qalıb. Bu axmaq maşın uşağın başını lap xarab eləyib.
– Elə demə! – Kənan Rüstəmin haqqında belə danışanda Aysel həmişə onun sözünü kəsirdi, – mən bu zaman maşınının işləyəcəyinə inanıram. Elxan müəllim gör neçə ildir onun üzərində çalışır. İndi də Rüstəm kimi köməkçisi var.
– Onda şikayət eləmə, otur Rüstəmi gözlə!
– Sən birbaşa məktəbə – laboratoriyaya get, mən də ora gəlirəm. Tanışlığımızın ildönümünü – Leminin ad gününü mütləq qeyd etməliyik.
– Ad günü haradan çıxdı?
– Leminin Yer planetində peyda olduğu gün onun Yerdə ad günü sayılır!
Kənan güldü:
– Yaxşı! Olsun!
***
…Kənan məktəbin səssiz və boş dəhlizindən keçib üstündə “Fizika laboratoriyası” yazılmış qapını açdı. Heç kim gözə dəymirdi. Ora-bura baxıb iri bir cihazın arxasından Rüstəmin başının çıxdığını gördü. O, dünyadan xəbərsiz halda işləyir, qarşısındakı siferblata baxaraq nəsə yazıb hesablayırdı. Həyəcanlı görünürdü. Kənan bərkdən “Axşamın xeyir!” dedi. Rüstəm heç başını da qaldırmadı:
– Sənsən, Kənan!
Kənan yenə kinayə ilə:
– Yox, mən deyiləm, kölgəmdir. Mən Aysellə birlikdə parkda bir saatdır ki, səni gözləyirəm, – dedi.
Rüstəm onun sözlərinə fikir vermədən qeydlərini yazıb bitirdi, sonra qələmi dəftərçəyə keçirərək köynəyinin döş cibinə basıb başını qaldırdı.
– Əgər sən bilsəydin biz bu gün nələr eləmişik, necə nəticələr almışıq!
Kənan ora-bura baxdı:
– Biz, yəni kim? Elxan müəllimi görmürəm nədənsə.
– Sənin qabağınca çıxdı, – adəti üzrə, Rüstəm eynəyinin ortasından basıb gözünə yaxınlaşdırdı, sonra Kənanı barmağı ilə yaxına çağırıb pıçıldadı: – Bizim zaman maşınımız özünü doğrultdu. Bu gün kiçik bir eksperiment aparmışıq.
– Doğrudan? – Kənan təəccübünü gizlədə bilmədi. O bu zaman maşınına heç bir ümid bəsləmir, bəlkə də, vaxtının çoxunu burada keçirən dostunu bu maşına qısqanırdı. – Nə eksperiment?
Rüstəmin gözləri parıldadı, yenə də pıçıldayaraq həyəcanla dedi:
– Biz bu gün bir neçə dəqiqə gələcəkdə, XXII əsrdə olmuşuq…
– Ola bilməz! Səni, yəqin, qara basıb!
– Hm. İnanmırsan, amma biz bu yaxında Lemi ilə görüşəcəyik.
– Leminin bura nə dəxli var? Onu gələcəkdə niyə axtarırsan?
– Başa düşmürsən? Bizim indi başqa planetlərə getmək üçün gəmilərimiz yoxdur, amma gələcəkdə bu məqsəd üçün texnologiyalar var, şübhəsiz. Biz onlardan istifadə edib Lemi yaşayan planetə uçacağıq.
Bu dəfə Kənan mızıldandı:
– Hm. Elxan müəllimin sənin bu planından xəbəri var?
Rüstəm qaşqabağını tökdü:
– Yox.
– Belə şeylərdə dürüst olmaq lazımdır, dostum! Elxan müəllimə açıb hər şeyi axıra kimi danış. De ki, mən gələcəyə ona görə gedirəm ki, oradan Lemigilin planetinə uçum.
– Təkcə ona görə yox… E-e, mənə deməyə başqa sözün yoxdur? – deyə Rüstəm incidi, – deyirəm biz bu gün 100 il bundan sonraya səyahət etmişik! Bəşər tarixində möhtəşəm bir hadisə baş verib! Yoxsa inanmırsan?
– Bura bax, Aysel bizi gözləyir, yığış gedək.
Rüstəm zənn ilə baxdı:
– Kənan, inanmırsan?
– Əlbəttə yox! – deyə Kənan kinayə eləməkdən özünü saxlaya bilmədi. – “100 il bundan sonraya”, yox bir! Hə, nə var idi orda?
Kənan çantasını çiyninə aşırıb ayağa qalxdı. Bu zaman otağın qapısı açıldı və Aysel başını içəri saldı. Sonrakı an baş verənlər isə heç kimin heç yerdə heç vaxt başına gəlməyən, anlaşılmaz, misli-bərabəri olmayan bir hadisə idi. O hadisədən Kənanın yadında qalanlar dəhşətli uğultu, partlayış, hər şeyi göyə sovuran burulğan, bir də Ayselin heyrətdən bərəlmiş gözləri oldu…



Zamanda dolaşanlar
Kənan dikəlib oturdu. Baş vermiş partlayışdanmı, ya nədənsə qulaqları batmışdı. Əlini qulağına aparıb udqundu. Başını qaldırıb harada olduğunu anlamağa çalışdı: mürgüləyən sıx, qorxunc meşə, tanış olmayan yad qoxu. Kənan başını silkələyib gözlərini bərk-bərk yumdu, sonra açıb bir də baxdı. Bir az aralıda düşüb qalmış çantasını görüb sevindi. Yerindən qalxıb çantanı götürdü və çırpıb çiyninə aşırdı.
Kənan ətrafı nəzərdən keçirməyə başladı. Qəribə bir tərzdə düşdüyü bu yerdən bir cığır taparaq tez çıxmaq və evlərinə getmək istəyirdi. Birdən qarşıdan zarıltıya bənzəyən səs eşidildi, sonra bir də. Kənan cəld yanındakı ağacın enli gövdəsi arxasında gizləndi. Hər ehtimala qarşı yerdən uzun bir ağac parçası götürüb gözləməyə başladı. Sonra başını yavaşca çıxarıb səs gələn tərəfə baxdı. Bu zaman çox aydın şəkildə öz adını eşitdi: “Kənan…” Kənan ağacı kənara tullayıb irəli cumdu: “Rüstəm!”
Rüstəm iri cod kolların arasında uzanmışdı, tərpənmirdi. Kənan dostunu qucaqlayıb yerdən qaldırdı. Rüstəmin alnı göyərmişdi, üzündə anlaşılmaz ifadə vardı. Kənan təlaşla dalbadal soruşdu:
– Nə oldu?! O nə partlayış idi?! Biz haradayıq?!
Rüstəm sanki Kənanı görməyərək öz-özünə danışırdı:
– Alındı! Bu baş verdi! Mən bacardım!
Hövsələsi daralmış Kənan onun çiyinlərindən tutub silkələdi.
– Dostum, özünə gəl! Nə baş verdi?! Biz bura necə düşdük?! Bu əcaib yerdən çıxıb evimizə necə gedəcəyik?!
Rüstəm duruxdu.
– Ev? Nə ev? Bilirsən, biz hara düşmüşük? Uzaq keçmişə. Bəlkə də, Daş dövrünə…
Meşə Kənanın başına fırlandı.
– Nə?! Necə?! Dəli olmusan?!
– Elədir ki var. Biz səninlə tarixə düşəcəyik!
– Sənin o axmaq maşının bizi bura gətirdi?! Ola bilməz!
Rüstəm ona fikir vermirdi. Sevincindən atılıb-düşür, gözləri parıldayırdı.
– Zaman maşınımız işlədi! Bu, böyük bir kəşfdir, sensasiyadır, başa düşürsən? İnanmırdın, gördün?
Kənan hirsləndi:
– Hə, yaxşı, inandım! İndi isə evimizə qayıtmaq istəyirəm. Tez bizi geri qaytar!
Rüstəmin üzündəki sevinc yoxa çıxdı. O, vəziyyətin ciddiliyini yalnız indi anlayaraq kəkələdi:
– Mən… Mən necə qayıdacağımızı bilmirəm…
– Nə?! – Kənan özündən çıxdı. – Sən nə deyirsən?! Necə yəni bilmirsən?!
Rüstəm günahkarcasına çiyinlərini çəkdi. Kənan onun üstünə cumdu:
– Bura bax, bizi bura necə gətirmisənsə, eləcə də geri qaytar! Eşidirsən?! Burda qala bilmərik, məhv olarıq! Bu meşəni, vəhşi təbiəti görmürsən?! Yırtıcı heyvanlara yem olarıq! Bizi geri qaytarmalısan!
Bu təhlükəli oyunun onlar üçün nə ilə nəticələnə biləcəyi yalnız indi Rüstəmə çatdı. O, rəngi saralmış halda titrək səslə dedi:
– Bağışla… Bağışla məni, Kənan! Amma mən, doğrudan, bilmirəm.
Çənəsinə dəyən zərbə Rüstəmi arxası üstə yerə sərdi. Özündən çıxmış Kənan onun üstünə cumub yumruqladı.
– Bağışlayım?! Al, bağışladım! Biz məhv olmuşuq, axmaq!
Rüstəm özünü müdafiə etməyə cəhd eləmirdi, yalnız əlləri ilə eynəyini tutmuşdu ki, sınmasın…
…Onlar iri bir palıd ağacının enli gövdəsinə söykənərək yan-yana oturmuşdular, heç biri danışmırdı. Bura keçməyi Rüstəm təklif eləmişdi. Kənanın kürəyinə yapışmış iri hörümçəkdən qurtulandan sonra, heç olmasa, arxa tərəfdən özlərini qorumaq üçün ağaca söykənmişdilər. Sivil həyatlarından onlarla gəlmiş yeganə əşyanı – çantanı aralarına qoymuşdular. Ümidsizlik hər ikisinin ürəyini sıxıb incidir, düşünməyə mane olurdu. Yavaş-yavaş vəziyyətlərinə alışan uşaqlar ətrafı nəzərdən keçirməyə başladılar.
Onlar yüzillik, bəlkə də, minillik ağaclarla zəngin, sıx meşənin ortasında idilər. Ağaclara dolaşmış lianalar, tikanlı, cod kollar, yabanı bitkilər meşəni keçilməz edirdi. Haradasa uzaqda axan çayın aramsız şırıltısı səssizliyi pozurdu. Yavaş-yavaş qatılaşmağa başlayan külrəngli ala-toranda ara-sıra vəhşi heyvanların və quşların səsi eşidilirdi. Onların hənirtisi yaxında da, uzaqda da – hər yerdə hiss olunurdu. Oğlanları vahimə basmış, onların uşaq qəlbi sarsılmışdı.
– İnana bilmirəm, – deyə Kənan təkrar edirdi, – inana bilmirəm, bəlkə, sən səhv edirsən? Axı biz Lemini görmək üçün gələcəyə getmək istəyirdik, necə oldu ki, keçmişə düşdük? Özü də Daş dövrünə?
Rüstəm büzüşdü:
– Bura çox qorxuludur… Mən qorxuram…
– Biz indi nə edək? Sən ki ağıllısan, Rüstəm, beynini işə sal!
Rüstəm saralmış bənizini dostuna tərəf çevirib titrək səslə dedi:
– Heç bir şey… Bu bizim sonumuzdur.
– Bunu artıq demisən! İndi başqa bir şey de!
– Vəhşi heyvanlar bizi yeyəcək… Lap filmlərdə olduğu kimi…
– Bura bax! Bu sözü bir də desən, məndən incimə. Sonadək çalışıb-vuruşacağıq! Bildin?! Mənim bu cəngəlliklərdə ölmək fikrim yoxdur!
– Səsləri eşidirsən?..
Rüstəmin hönkürtüsü Kənanı da kövrəltdi. Qucaqlaşdılar.
– Qorxuram…
– Mən də…
***
Gün batmağa doğru gedirdi. Buludların dərinliyində solğun, qırmızımtıl işıq görünürdü. Havada spiral şəklində iz qoyaraq uçuşan həşəratların sayı artmışdı. Onlar vızıldaşaraq iti neştərlərini uşaqların dərisinə sancmaq üçün fürsət axtarırdılar. Kənan başını qaldırıb hündür ağacların çətirləri arasından səmaya baxdı. O özünü ələ alıb səsinə qətiyyət verməyə çalışaraq dedi:
– Əgər bu, Daş dövrüdürsə, burada insan düşərgələri də olmalıdır. İnsanları tapıb hələlik onlara sığına bilərik.
– Unutma ki, ibtidai insan heyvandan az fərqlənir, – deyə Rüstəm köksünü ötürdü.
– Sən də unutma ki, biz XXI əsrdən gəlmişik, onların bilmədiyi çox şeylər bilirik. Bununla onların rəğbətini qazanarıq.
– Hanı onlar? Sən burda bir insan görürsən?
– Onları tapmaq lazımdır.
– Onları tapana qədər xeyli vaxt keçə bilər… Gec ola bilər…
– Bura bax, oxuduğun kitabları, baxdığın filmləri yadına sal! Təbii fəlakət, ya da təyyarə qəzası-filan nəticəsində insanlar meşəyə düşəndə nə edirlər, başlarını necə saxlayırlar?
Rüstəmin solğun üzü bir qədər canlandı:
– Onlar, ilk növbədə, vəhşi heyvanlardan qorunmaq üçün özlərinə daldalanacaq düzəldirlər.
– Ay sağ ol! Hava qaralmamış biz də bunu eləməliyik!
Sərt meşə, vəhşi təbiət qarşısında insan bir heçdir, lakin… insan düşünür və düşünərək böyüklük kəsb edir. İnsan düşünərək yaşayır, çıxış yolu tapır və əbədi fəlakətlərə rəğmən özünü təsdiq edir, bununla da dünyanın ucalığı fövqündə dayanır.
Uşaqlar ətrafa bir də yaxşı-yaxşı baxaraq günbatan tərəfə aparan cığır aşkar etdilər. Əllərinə ağac alıb cığırla irəliləməyə başladılar. Onlar hələ gözdən itməmiş yan tərəfdəki kollar ehmalca aralandı və… bir cüt qonur göz onların ardınca diqqətlə baxdı.

Sərt təbiətlə üzbəüz
Meşə sıx olduğundan irəliləmək çətin idi. Mamırla örtülü torpaq bəzi yerlərdə sürüşkən olurdu. Uşaqların ayağındakı qalın idman ayaqqabıları onların yaxşı karına gəlirdi. Kənanın əynində gödəkcə vardı, Rüstəm isə qısaqol köynəkdə idi, amma sərinliyi hələ hiss eləmirdi. O elə hey qızarmış qollarını didən cücüləri qovurdu. Kənan məşqdə geyindiyi kimononun köynəyini çantasından çıxarıb ona geyindirdi. Kimono Rüstəmin əyninə böyük olduğundan qolları biləyinə qədər gəldi.
Meşənin vahiməsi uşaqların iliyinə işləyirdi. Onlar təbiət qarşısında özlərinin son dərəcə aciz və köməksiz olduqlarını hiss edirdilər. Vəhşi heyvanlar və quşlarla, cürbəcür həşəratlarla dolu bu meşədə onları hər addımda pusqular və hücumlar, sərt təbiətin amansızlıqları gözləyirdi. Heyvanları duyuq salmasınlar deyə onlar səssiz hərəkət etməyə çalışır, pıçıltı ilə danışırdılar.
Qəflətən iri bir quş qanadlarını çırpıb pırıltı ilə aşağıdan uçdu.
Şam qozası ağacdan qopub şaqqıltı ilə Kənanın qarşısına düşdü.
Hansısa yırtıcının şikarına çevrilmiş balaca heyvanın ölüm ayağında xırıltısı eşidildi.
Ağacın gövdəsinə sarılmış parlaq narıncı-yaşıl dərili ilan acıqlı-acıqlı fışıldadı.
Hər dəfə uşaqlar diksinir, dayanıb ətrafı dinləyir, sonra yenə yollarına davam edir, bəzən də qaçırdılar.
Uşaqlar yüzillik ağacların arası ilə ovçular və heyvanların açdığı sağa-sola əyilən cığırlarla gedirdilər. Enişli-yoxuşlu yollar ara-sıra taladan, bəzən də bataqlıqdan keçirdi.
Toran qovuşurdu. Günəş yavaş-yavaş üfüqə doğru əyilir, səmanı gözəl al rəngə boyayırdı. Amma meşənin sıx çətiri altından naxış-naxış görünən səmanı seyr etməyə uşaqların vaxtı yox idi. Onlar daldalanacaq – gizlənmək, qorunmaq üçün bir yer tapmağa tələsirdilər. Kənan qollu-budaqlı, iri ağacların birinə dırmaşıb orada gecələməyi təklif edir, amma vəhşi pişiklərdən qorxan Rüstəm razılaşmayıb daha təhlükəsiz yer axtarırdı.
Nəhayət, meşə seyrəlməyə başladı, səmanın işığı ağacların çətirlərini vurub keçdi, ətraf işıqlandı. Tikanlı kollar azaldığından irəliləmək asan oldu.
Cığır onları meşənin kənarındakı geniş talaya, sonra isə sahilində yalçın qayalar yüksəlmiş bir gölə çıxardı. Yarğanın üstündən sıçrayıb qayanın döşünə qalxdılar. Qarşıda açılan mənzərə oğlanları valeh etdi. Qürubun gözəl narıncı rəngini üfüqdə – suların səma ilə qovuşduğu yerdə əks etdirən böyük bir göl bütün gözəlliyi ilə onların qarşısında idi.
Canlı təbiətə həyat verən əsrarəngiz su! Hər şeyin əzəli və başlanğıcı olan, ənginlikləri dolduran sonsuz su! Suyun səthi ilə sürüşüb bərq vuran şəfəqlər oğlanların gözünü qamaşdırdı. Qırmızı, sarı, bənövşəyi rənglərə çalan səma gölün dərinliklərində əks olunurdu. Səmada isə sirli bir şəkildə gölün rəngdən-rəngə çalan suları, suyun səthində xəfifcə titrəyən suzanbağı və yosunlar, adacıqlar və mağaralar əks olunur, ara-sıra itib gedərək bir-birini əvəz edirdi.
Bu axşam dünyanın ən gözəl axşamlarından biri idi.
Kiçik adacıqlar bu gözəl gölü hissələrə bölürdü. Sağ tərəfdə uzaqlardan qıvrıla-qıvrıla gələn çay köpüklənən sularını gurultu ilə gölə axıdırdı. Solda isə göl dik bazalt divarlarla əhatə olunmuşdu.
Başlarına gələnləri bir anlıq unudan uşaqlar qışqıraraq şən səslərlə gölü salamladılar. Əlindəki çantanı çiyninə aşırmış Kənan qərb tərəfdən səmanı örtməyə çalışan qara buludları göstərdi. Gölün üzərindən meşəyə tərəf sürünən buludlar hər an şəklini dəyişərək yavaş-yavaş irəliləyirdi. Bir azdan məlum oldu ki, uşaqların bulud zənn etdikləri saysız-hesabsız iri quşlardır. Əvvəl qarıldaşan qarğalar, onların ardınca havada süzən durnalar, rəngli başını irəli uzatmış ördəklər, uzunboğaz qazlar, sığırçınlar, qaratoyuqlar, sağsağanlar… Uşaqlar quşlara əl elədilər. Amma onların sevinci uzun sürmədi. Meşə tərəfdən gələn tükürpədici ulama səsi onları vahiməyə saldı.
Dostlar ikisi də birdən qayanın üstünə çökdü.
– O nə idi?!
– Bilmirəm!
– Qayaların arasında dəlmə-deşiklər, mağaralar ola bilər, – deyə Rüstəm pıçıldadı, – balaca bir yer tapsaydıq…
Rüstəm udqundu. Qorxu hələ onların aclıq və susuzluq hislərini kütləşdirmişdi. Geri çəkilib qayanın üstündə oturdular. Bu zaman Kənanın şalvarının arxa cibində nəsə daşa dəyib taqqıldadı. Bu, mobil telefon idi.
Telefonun batareyası hələ yatmamışdı. Kənan onun düyməsini basan kimi ekran işıqlandı. Kənan sevincək dalbadal bir neçə nömrəyə zəng vurdu; aydın məsələ idi ki, zəng çatmırdı.
– Daş dövründən XXI əsrə zəng vurursan? – deyə Rüstəm istehza etdi.
– Neyləyim? Bizi elə günə qoymusan ki…
Növbəti ulama səsi onları reallığa qaytardı. Səs aşağıdan gəlirdi.
Onlar qayanın təpəsinə sürünüb dikdirdən aşağı baxanda dəhşətə gəldilər. Qayaların altında – çayın yatağının genişlənib gölə qarışdığı yerdə böyük bir tala cürbəcür heyvanlarla dolu idi. Buranın suvat olduğu aydın idi: heyvanlar axşam su içmək üçün bura gəlirdilər. İncə antiloplar, sayqaklar, iri atlar, nazikayaq vəhşi eşşəklər, saqqallı muflonlar (vəhşi qoçlar), bir neçə təkə və başqa otyeyən heyvanlar bir-birini itələyir, qabağa soxulurdular. Onlardan bir az aralı başında sanki böyük bir ağac bitmiş qoca maral buynuzlarını arxaya tutaraq vüqarla dayanmışdı. Bütün heyvanların önündə, ən yaxşı yerdə durmuş nəhəng kərgədan tələsmədən, rahat-rahat su içirdi. Qalanlar isə qulaqlarını şəkləyərək qorxa-qorxa, hər an qaçmağa hazır vəziyyətdə susuzluqlarını yatırırdılar. Meşənin qanunu belə idi: zəif olan daim qorxu içində yaşamalı idi.
Birdən heyvanların başı eyni səmtə – meşə tərəfə döndü və onlar təlaşlanıb bir-birinə qarışdılar. Meşə yolunda iri bir bəbir göründü. Onun ipək kimi parıltılı, gözəl, xal-xal dərisinin altından güclü əzələləri sezilirdi. Yırtıcı başını qaldırıb sarı gözləri ilə qabağından qaçan heyvanlara baxdı. İri caynaqlı ağır pəncəsi ilə torpağı cırmaqlayıb xırıltılı səslə mırıldadı. Onun arxasında quyruq bulayan çaqqal və kaftarlar qorxularından pöhrəliklərə girdilər. Adətən, leş yeyən və üfunət qoxuyan bu yaramazlar nəhəng və güclü heyvanların ardınca gəzir, onların yeməyindən qalan qalıqlarla dolanırdılar.
Boyu bir az alçaq olan dişi bəbir də cəngəllikdən çıxıb arxada dayandı. Bundan ürəklənən yırtıcı hədələyici görkəm alıb qıvraq bədənini geri dartdı və irəli sıçradı. Bir neçə sıçrayışla o, suvatın tən ortasına düşdü və vəhşi atlardan birinin belinə tullanıb boğazını gəmirməyə başladı.
Aləm bir-birinə qarışdı. İndiyə kimi kolluqda gizlənən canavarlar qarışıqlıqdan istifadə edərək antilopa hücum etdilər. Haradansa bir qartal şığıdı, körpə antilopu caynağına alıb göyə qalxdı. Heyvanlar bir-birini tapdalayaraq qaçmağa başladılar.
Səs-küy özünü bütün heyvanlardan güclü sayan kərgədanı hirsləndirdi. O, gödək, kötük kimi qalın, qranit kimi möhkəm ayaqları üstə geri döndü. Onun qırışıq, palıd qabığı kimi qalın dərisinə nə şirin, nə də bəbirin iri dişləri bata bilirdi. Hirslənmiş kərgədanın qarşısından qaça bilməyən məhv olurdu. Qan gözlərini tutmuş ağılsız heyvan aşağı əyilib bir metrə çatan buynuzunu qabağa tutdu və böyürdü. Gödək ayaqlar hərəkətə gələrək kərgədanın ağır bədənini sürətlə irəli apardı. O, tufan, qasırğa kimi qarşısına çıxanı süpürləyirdi. Bir neçə canavar kötük ayaqların altında meyvəqurdu kimi əzildi. Bu nəhəngin gözləri pis görsə də, o, qoxuları bir-birindən yaxşı seçib ayırırdı. Kərgədan şikarından əl çəkmək istəməyən bəbirə tərəf yönələrək onu buynuzu ilə vurub kənara atdı, sonra qarşısıalınmaz bir qüvvə ilə hücumu davam etdirdi. Bəbirin xallı bədəni bir neçə dəfə göydə fırlandı, sonra isə yerə düşüb kərgədanın tapdağı altında qaldı.
Qorxudan tir-tir əsən uşaqlar geri qaçmağa başladılar. Əgər bu gördükləri həyatda deyil, filmdə baş versəydi, onlar maraqla axıra kimi izləyərdilər. İndi isə onlar canlarının hayında idilər. Kənan elə telefon əlində qayanın üstündən sürüşüb yarğana düşdü, Rüstəm də onun ardınca. Cığırın cəngəlliyə burulduğu yerə çatanda dayanıb mübahisə etdilər. Kənan meşə kənarındakı hündür, sıx budaqlı ağacların birinə dırmaşıb budaqların arasında yatacaq yer düzəltməkdə israrlı idi. Rüstəm isə qayaların arasında daldalanacaq tapmağı təklif edirdi. Meşə tərəfdən, lap yaxından gələn böyürtü onların mübahisəsinə son qoydu. Başlarını çevirib baxan uşaqlar heyrətdən və qorxudan yerlərindəcə donub-qaldılar.

Mağara ayısı
Yırtıcı heyvanların çoxu insanı güclü hesab edərək ondan uzaq gəzir. Bu, indi də belədir, o dövrlərdə də belə idi. Yırtıcılar yalnız çox ac və ya təhqir edilmiş olanda insanlara hücum edirlər. Xüsusilə də qəbiləsindən ayrı düşmüş insanlara…
Uşaqların, demək olar ki, iyirmi addımlığında nəhəng, tüklü bir heyvan durmuşdu. Onun aşağıya doğru ensizləşən iri başı, ağır, amma qıvraq, əyri və qısa ayaqları, qabarıq alnı və donuq-donuq baxan xırda gözləri vardı. Bu, böyük bir ayı idi. Uşaqlar onu qarşılarında görcək dəhşətdən yerlərindəcə donub-qaldılar.
Əslində, bu güclü və nəhəng heyvan sakitcə öz mağarasında və onun ətrafında yaşayır, kimsəyə dəyib-dolaşmır, ət yemir, bitkilərlə və balla qidalanırdı.
Bəlkə, heç ayı uşaqları izləməmiş, təsadüfən onlara rast gəlmişdi.
Bəlkə, o, çoxdan orada imiş, təzə otlardan yeyib mağarasına qayıtmağa hazırlaşırmış ki, uşaqlar onu görməyərək özləri cığırı tutub ona tərəf getmişdilər.
Bəlkə, kimsə ayını mağarasından qovub onu acıqlandırmışdı.
Bunları heç kim bilmir və bilməyəcək. Əsas odur ki, ayının gözlərində qəddarlıq sezilməsə də, o dönüb getmədi. Başını qaldırıb havanı qoxladı və… arxa pəncələri üstə qalxdı. Uşaqlar qorxudan içlərini çəkdilər. Bu vəziyyətdə nəhəngin boyu üç metrdən çox olardı. O, ayaqları qısa, gövdəsi isə uzun olan tüklü, bədheybət insana bənzəyirdi.
Ayının sadəlövh və bir qədər də küt heyvan olduğunu Rüstəm bilirdi. Bundan istifadə eləmək, onu aldadaraq təhlükədən qurtarmaq mümkün idi, amma Rüstəm plan qurmağa macal tapmadı. Hər şey gözlənilmədən baş verdi
Ayı yırğalanaraq bir neçə addım irəli gəldi. Bu zaman… qəflətən Kənanın titrəyən əlində sıxıb tutduğu telefondan gurultulu bir musiqi səsi ucaldı. Zərb alətlərinin qulağı deşən guppultusundan hamı diksindi: Kənan da, Rüstəm də, ayı da.
İndiyə kimi dəfələrlə insanlarla rastlaşmış, amma ömründə belə şey eşitməmiş ayı çaşıb-qaldı. Kənan özündən asılı olmayaraq birdən var gücü ilə telefonu ayıya tərəf tullayıb qışqırdı: “Rüstəm, qaç!” Uşaqlar var qüvvələri ilə yerlərindən götürüldülər.
Telefon zərblə ayının kəlləsinə dəyib yerə düşdü. O hələ də oxuyurdu. Bu zərbədən ayıya bir xətər gəlmədi, amma o gözləmədiyi bu hərəkətdən incidi. Onun gücü, mənliyi təhqir olundu və indi artıq o, uşaqlar üçün güclü bir düşmənə çevrilmişdi.
Ayı telefonun səsi kəsilənə qədər onun ətrafında fırlandı, sonra yaxınlaşıb onu qoxuladı. O, arada başını qaldırıb cığırla qaçan uşaqların ardınca baxır, sanki onların hara getdiyini yadında saxlamağa çalışırdı. Nəhayət, ayı öz tərəddüdlərinə son qoydu və pəncəsi ilə telefona möhkəm zərbə vurub onu uzağa tulladı, sonra isə yırğalana-yırğalana hərəkət edərək uşaqların ardınca yollandı.
Uşaqlar talanı keçib meşənin içərilərinə tərəf buruldular. Rüstəm yorulub geri qalmağa başladı. Kənan qarşıya keçib onu gözləyir, tələsdirirdi. O tövşüyə-tövşüyə soruşdu:
– Səncə, o, arxamızca gələcək?
Rüstəmin nəfəsi qaralmışdı, danışa bilmirdi. Əli ilə artıq qaranlığa bürünmüş meşəni göstərib işarə etdi ki, ağaca çıxmaq lazımdır, başqa yol yoxdur.
Onlar yollarına davam etmək istəyirdilər ki, birdən əcaib bir məxluq kolların arasından sıçrayıb onların qarşısına çıxdı. Uşaqlar qışqırıb dayandılar.
Bu, dərisi mis rənginə çalan, pırpız saçları çiyninə tökülmüş arıq bir oğlan idi. Onun əlində ağır daş balta vardı, amma baltasını aşağı sallamışdı. Kəl gönündən olan libası möhkəm bədəninin bir hissəsini örtürdü. Belinə irili-xırdalı bir neçə bıçaq və nazik ağac qabığından hörülmüş torba bərkidilmişdi. Onun ensiz alnı, iri çənəsi üzünə sərt ifadə versə də, qonur gözləri hərarət saçırdı. Ala-toranın çiskinində uzun ayaqlarını aralı qoyub vüqarla dayanmış bu oğlanın silueti uşaqlara böyük və qeyri-adi gəlirdi. Maraq və heyrətdən onlar hər şeyi, hətta ayını da unutmuşdular.
Dostlar ibtidai insana rast gəlmişdilər!
Hər iki tərəf maraqla bir-birini nəzərdən keçirirdi. Bu, çox mühüm, həlledici anlar idi. Bundan sonra nələr olacağı bircə sözdən, hərəkətdən asılı ola bilərdi. İbtidai oğlanın nə düşündüyünü, özünü necə aparacağını bilməyən uşaqlar ona yaxınlaşmağa cürət etmir, səssizcə durub gözləyirdilər. Birdən oğlan başını çevirib harasa diqqətlə baxdı, sonra bir neçə əl hərəkəti edərək qısa sözlər söylədi. Bu gözlənilməz görüşdən özlərini itirmiş uşaqlar heç nə anlamadılar. Oğlan baxdığı istiqaməti göstərdi və əllərini qaldırıb dizlərini azca bükərək ayı kimi böyürdü. Uşaqlar ayıldılar: ayı onların arxasınca gəlir – oğlan bunu demək istəyirdi. Onlar göstərilən səmtə baxıb heç nə görməsələr də, meşəyə tərəf cumdular. Amma ibtidai insan övladı onların qarşısını kəsib gölə tərəf olan yolu göstərdi. O dayanmadan nəsə deyir, əl işarələri ilə nəyisə başa salmağa çalışırdı. Aydın idi ki, o, kömək etmək istəyir, ayıdan qurtulmaq üçün başqa yol göstərirdi. Çarəsiz uşaqlar onun ardınca getməyə qərar verdilər. Beləliklə də, bu qəribə oğlanla əməlli-başlı tanış olmağa macal tapmamış onun arxasınca yola düzəldilər.
***
Oğlan tez-tez gedirdi. O hər kola, hər cığıra bələd olan ovçu kimi inamla addımlayırdı. Ayağındakı ağac qabığından toxunmuş səndəllər təkcə pəncəsini tuturdu, dabanı və enli barmaqları açıq qalmışdı. Uşaqlar ona çatmaq üçün, demək olar ki, qaçırdılar. Talanı keçib dikdirə qalxdılar. Gölü haşiyələyən qayalığa çatanda ayının kəsə yolla yorğa addımlarla onlara tərəf gəldiyini gördülər. Rüstəm təlaşlandı: “O bizi hara aparır?! Qurtula bilməyəcəyik…” – dedi. “O buraları beş barmağı kimi tanıyır”, – Kənan səsinin əsdiyini özü də hiss elədi. Ayının böyürtüsü onları lap qorxutdu.
Oğlan qayaların üstündən keçi kimi bir göz qırpımında keçdi. Kənanla Rüstəm bir qədər ləngidilər. Rüstəm sürüşüb dərin yarğana yıxılanda Kənan ona kömək etmək üçün geri qayıtdı. Bu zaman onların bələdçisi ayını ləngitmək məqsədi ilə dikdirə qalxıb əlini ağzına tutaraq uzun bir qıy çəkdi. Onun hayqırtısı ayını bir qədər təşvişə saldı. Uşaqlar qayaların çıxıntısından yapışaraq irəlilədilər, bir neçə aşırım da keçib iri bir qaya parçasının altında dayandılar. Daha getməyə yer yox idi, qarşıda sıldırım yamac və göl vardı. Onun suları aşağıda yamacın ətəklərini yuyurdu.
Qaranlıq düşürdü. Gölün arxasında, üfüqdə közərərək sönən aydın çevrəli alovlu al günəşə gözünü qıymadan rahat baxmaq olurdu. Gölün sonsuz, sakit suları vahiməli görünürdü. Oğlan arxaya çevrilib qayaların arasında adam boyu hündürlüyündə olan qara dəliyi göstərdi. Sonra pişik kimi dırmaşıb dəlikdən içəri keçdi, qaranlıqda əriyib yox oldu.


Lap yaxında ayının böyürtüsü eşidildi. İçəri girməyə tələsmək lazım idi. Kənan bir dizini yerə qoyub Rüstəmə baxdı: onlar bir-birini başa düşdülər.
…Neçə vaxt idi ki, məktəbdə idman yarışları keçirilirdi. Oğlanlar arasında ikinəfərlik komandaların yarışması məktəblilər tərəfindən, nədənsə, daha böyük maraqla qarşılanırdı. Rüstəmin fiziki hazırlığı zəif olduğundan heç kim onunla tərəf-müqabil olmaq istəmirdi. Dostunun tək qaldığını görən Kənan öz qərarını verdi: “Yarışa Rüstəmlə bir yerdə çıxacağıq!” Rüstəm onu fikrindən döndərmək üçün çox çalışdı, “Sən idmançısan, özünə güclü bir tərəfdaş seç. Mən səni ləngidəcəm”, – deyə israr etsə də, Kənan fikrindən dönmədi. Dostunu pis vəziyyətdə qoymamaq üçün Rüstəm ciddi şəkildə hazırlaşıb əlindən gələni elədi. Hər səhər tezdən idman zalına gəlir, məşq eləyir, yarışa hazırlaşırdı. Kəndirə dırmaşmağı, paralel qollarda gəzməyi, turnikdən sallanaraq o üzə tullanmağı öyrəndi. Təkcə hündür maneədən aşmağı bacara bilmədi. Boyu balaca olduğundan tullanıb hündürə dırmaşa bilmirdi ki, bilmirdi. Bunu Kənana deyəndə o, Rüstəmi sakitləşdirdi. “Maneənin qarşısına çatan kimi mən bir dizimi yerə qoyacam, sənsə ayağını o biri dizimin üstünə qoyub cəld yuxarı qalxarsan, vəssalam”. Elə də elədilər. Üstəlik, yarışmanın qalibi oldular. Həmin gün Kənan dostunu boynuna mindirərək bütün stadion boyu qaçdı, sonra bayrağa bürünüb qucaqlaşdılar. Necə xoşbəxt anlar idi…
Bütün bunları Rüstəm bir an içində fikrindən keçirdi. Dinməzcə ayağını Kənanın dizi üstünə qoyub dəliyi aşdı. Ardınca Kənan bir göz qırpımında qalxdı. Çiyinləri enli olduğundan dəlikdən çətinliklə keçdi, qayanın iti çıxıntısı gödəkcəsinin qolunu cırdı.

Sığınacaq
Onlar balaca bir mağaraya düşdülər. İçəri qaranlıq idi. Dəlikdən düşən zəif işıq mağaranın yalnız bir hissəsini işıqlandırırdı. Gözləri qaranlığa alışandan sonra uşaqlar ortalıqda ocaq yeri gördülər. Yastı daşların üstündəki külün içində yeməkdən qalan sümüklər ağarırdı. Ətrafda quru ot, irili-xırdalı budaqlar, daş və qaya parçaları, ağac kötüyü gözə dəyirdi. Rüstəm:
– Dostumuz əvvəllər də burda olubmuş, onun səliqəsi hiss olunur, – dedi.
Dəliyin arxasından hənirti və ayının donqultusu eşidildi. Uşaqlar qorxub susdular. Onların qoxusunu alan ayı gəlib qayaya dirənəcəyini heç gözləmirdi. Bu onun əhvalını korladı. O, arxa pəncələri üstə oturub key-key baxdı. Bu qənaətə gəldi ki, səhv eləyib. Təzədən yerindən qalxanda dəliyi aşkar elədi. İki ayağı üstə qalxaraq burnunu dəliyə soxub işığın qarşısını kəsdi. Bir an hər şey zülmətə büründü. Ayının nəfəsinin xışıltısı və sulu dodaqlarının marçıltısı aydınca eşidilirdi. Uşaqlar mağaranın divarına qısılıb yerə çökdülər. Acıqlı heyvan başını dəlikdən içəri salmağa cəhd edirdi, amma görünür, burnunu içəri soxduqca qayanın iti çıxıntısı onu yaralayırdı. O başını geri çəkib donquldana-donquldana dəliyin arxasında yerə oturdu və pəncələri ilə başına döyməyə başladı.
– Mən ayının belə nəhəng olduğunu bilmirdim, – deyə Kənan pıçıldadı.
– Bu bizim tanıdığımız ayılardan deyil, onların əcdadı olan mağara ayısıdır, – Rüstəm astadan cavab verdi. – Mağara ayıları daha böyük və bədheybət olur. Arxeoloqlar onların sümüklərini və daşlaşmış qalıqlarını, adətən, mağaralardan tapdıqları üçün onlara mağara ayıları deyirlər.
Uşaqlar ayının içəri girə bilməyəcəyinə əmin olub rahatlaşdılar və dəlikdən düşən solğun işıqda bir-birinə baxdılar. Oğlan daş baltasını əlindən buraxmamışdı, görünür, nədənsə ehtiyat edirdi. Kənan ona müraciət etdi:
– Sənin adın nədir?
Rüstəm tərs-tərs dostuna baxdı:
– Hə, bu saat cavab verəcək! O sənin dilini bilir bəyəm?
O, əli ilə özünü göstərib bir neçə dəfə təkrar etdi: “Rüstəm! Rüstəm! Rüs-təm!” Sonra Kənanı göstərdi: “Kənan! Kə-nan!” Uşaqlar zənn ilə oğlana baxdılar. O, əlini sinəsinə vurub cır səslə bərkdən dedi: “A-xo! A-xo!” Uşaqlar onu göstərib təkrar etdilər: “Axo!” Rüstəm sevindi: “Dərrakəli imiş!” Axo əvvəl Rüstəmi, sonra Kənanı, daha sonra özünü göstərib ”Sam! Kam! Axo!” dedi. Kənan hirsləndi:
– Bizə qoyduğu adlara bax! Sən də deyirsən dərrakəlidir.
– Eybi yoxdur, qoy necə istəyir elə də çağırsın. Sənin üçün nə fərqi var?
Axo bir tərəfdə oturub əşyalarını yanına yığdı. Kənan da çantasını açıb içindəkiləri çıxardı. Çantadan çıxan hər bir şey uşaqlar üçün çox qiymətli idi: dərsdən çıxanda Kənanın marketdən aldığı bir torba çips və alma şirəsi, məşqdən sonra duş almaq üçün götürdüyü dəsmal, sabun və şampun. Köynəyi Rüstəmin əynində olan kimononun şalvarını isə yerə salıb üstündə oturdular.
İçəridə soyuq və nəmişlik hiss olunurdu. Haradasa su şırıldayırdı. Bu, gölə axan çayların səsi ola bilərdi. Susuzluqdan yandığını hiss edən Rüstəm bunu Axodan soruşub dəqiqləşdirmək istədi.
– Su! Su! – o, ovuclarını dodaqlarına dayayıb su içirmiş kimi hərəkət etdi.
Oğlan, deyəsən, onu başa düşdü, bərkdən “va” qışqırıb hansısa heyvanın kəllə sümüyündən olan qabını qaparaq mağaranın qaranlıq ucunda gözdən itdi. Bir neçə saniyədən sonra əlindəki qab ağzınacan su ilə dolu vəziyyətdə qayıtdı.
– Su! – Rüstəm qışqırdı.
– Sən əminsən ki, o, içməli sudur?
– Əlbəttə! Burada qayalardan süzülən su təmiz olmalıdır.
– Yoxsa ölü heyvanın kəlləsindən su içəcəksən?
Rüstəm duruxdu. Axo suyu ona uzadıb “va” dedi, sonra özü əyilib sudan içdi.
– Suyu haradan götürüb? Yaxşısı budur, bunu öyrən, – deyə Kənan məsləhət verdi. Qısa sorğu-sualdan sonra hər şey aydın oldu.
Qayalardan süzülüb gələrək gölə tökülən suyun bir qolu mağaranın aşağı tərəfindən keçirmiş. Uşaqlar mağaranın getdikcə daralan və tamamilə qaranlıq olan o biri ucuna keçib əl-üzlərini yuduqdan sonra doyunca su içdilər. Buz kimi soyuq ləzzətli su, Rüstəmin fikrincə, “ölünü də dirildə bilərdi”.

Tanışlıq
Vahiməli sakitlik idi. Sükutu yalnız bayquşların çığırtısı, bir də o biri tərəfdə yatmış ayının xorultusu pozurdu. Külək qalxmışdı, dəlikdən içəri soxulub uşaqları daha da üşüdürdü. Təkcə Axo üşümürdü. Onun arıq bədəni soyuğa alışmışdı.
Axo nazik işıq zolağında oturmuş uşaqları uzun-uzadı nəzərdən keçirəndən sonra torbasından iki quru ağac parçası çıxardı. Onlardan biri qısa və qalın idi, ortasında oyuq vardı. Həmin ağacı ayaqları altına qoyub möhkəm sıxdı, o birinin bir ucunu oyuğa keçirib o biri ucunu ovucları arasında bərk-bərk fırlatmağa başladı. Uşaqlar onu diqqətlə izləyirdilər. İbtidai insanların odu necə əldə elədiyi haqqında eşitmişdilərsə də, heç vaxt gözləri ilə görməmişdilər. Bir azdan oyuqdan tüstü çıxmağa başladı və altdakı quru ot alovlandı. Oğlan cəld alovu ocaq yerinə – daşların üstünə keçirib üstünə quru çubuqlar qoydu. Bir anın içində mağara işıqlandı. Uşaqlar sevinib qışqırdılar. Bu səs ayını yuxudan oyatdı. O donquldanıb elə o dəqiqə təzədən yuxuya getdi.
Rüstəm ocağa yaxın oturub əllərini qızdırdı.
İndi onların çırtıltı ilə yanan isti ocaqları vardı.
Uşaqlar möhkəm acmışdılar. Kənan çantasındakı çipsi və alma şirəsini çıxarıb ortaya qoydu. Axo maraqla onlara baxırdı. O, həyatında heç vaxt maye şüşəsi və parıltılı əlvan torbada yemək görməmişdi. O da torbasından öz yeməyini çıxarıb ortaya qoydu. Bunlar 5-6 iri cövüz, bir neçə yeməli bitki kökü və çöpə taxılmış iri bir soxulcan idi. Rüstəm dilxor oldu.
– Bu indi soxulcanını bizim yanımızda yeyəcək?
Kənan yeməyi bölüşdürdü. Axonun sümükdən olan qabına şirə tökdü və qabağına bir neçə çips qoydu. Onun yeməyindən isə hərəsinə bir şirəli bitki kökü və iki cövüz götürdü. Rüstəm tez onları aparıb yaxşı-yaxşı yudu. Cövüzlərin yaşılaçalan yumşaq qabığını dişləri ilə təmizləyib yağlı ləpələri ləzzətlə yedilər. Şirin bitki kökü də Rüstəmin xoşuna gəldi. Axo isə çipsləri çox bəyəndi: xırçıldadaraq içəri ötürdü. Soxulcandan başqa nə varsa yedilər. Ən axırda Axo onu kömürün üstündə qızartdı. Cız-bız iyi Rüstəmi birtəhər elədi. Axo bişmiş soxulcanı onların hər ikisinə təklif edəndən sonra özü yeməli oldu.
Ocağa Axo nəzarət edir, sönməsin deyə vaxtaşırı içinə quru budaqlar atırdı. Hərdən dinməzcə altdan-altdan qonaqlarına baxırdı. “Onunla söhbət etmək lazımdır”, – deyə Rüstəm oğlanın yanına keçdi.
Rüstəm əvvəl Axonun ov alətləri ilə maraqlanıb onları diqqətlə nəzərdən keçirdi və adlarını öyrəndi. Ağır daş balta və bıçaqlar kobud yonulmuşdu, amma ağızları iti idi. Axo da, öz növbəsində, onun eynəyinə, sonra isə köynəyinə, şalvarına, xüsusilə də ayaqqabılarına maraqla baxaraq heyrət bildirən səslər çıxardı. O bunların hansı heyvanın dərisindən və necə tikildiyini əsla başa düşmürdü.
Rüstəm ibtidai insanların dilində öyrəndiyi sözləri köynəyinin döş cibindən sevinə-sevinə tapdığı qələmlə cib dəftərçəsinə yazır və əzbərləyirdi. Sən demə, Axonun adının mənası varmış: itiqaçan. Antilop kimi sürətlə qaçmağı bacardığı üçün qəbilə başçısı ona bu adı vermişdi. Tezliklə Rüstəm Axonun dilində iyirmidən çox söz və otuza yaxın işarə öyrəndi və ona da bəzi sözlər öyrətdi: əlini göstərib “əl”, ayağını göstərib “ayaq” deyir və bunları hey təkrar edirdi. Kənan ona baxıb əsəbiləşirdi.
– Sənin başqa işin-gücün yoxdur?!
– Yox! Mənim bu saat işim bunların dilini öyrənməkdir. Sənə də məsləhət görürəm.
– Deyəsən, sən bütün həyatını burada keçirmək fikrindəsən, ona görə də dil-zad öyrənirsən.
– O bizə kömək edə bilər. Bunun üçünsə gərək bir-birimizi yaxşı tanıyaq, onun dilini başa düşək. Hə, Axo, davam edək. Demək, “baş”, – o, başını göstərib təkrar etdi, – “baş”, siz necə deyirsiz?
Kənan üzünü çevirib ufuldadı.
***
“Dərs” qurtardıqdan sonra Kənan bəzi məsələləri aydınlaşdırmaq qərarına gəldi, üzünü Rüstəmə tutdu:
– Sən daha onun dilini bilirsən, soruş gör niyə təkdir, ailəsi, qəbiləsi haradadır?
Bunu öyrənmək o qədər də asan olmadı. Axonun fikri Rüstəmin qələmində qalmışdı deyə suallara cavab vermirdi. Rüstəm məcbur olub qələmi ona verdi. Axo bu əşyanı diqqətlə nəzərdən keçirib qolunda cızlar çəkdi, sonra geri qaytardı. Uzun izahatdan sonra aydın oldu ki, Axo kiçik qardaşını itirib, onu tapmamış evinə qayıtmaq istəmir. O, əl hərəkətləri ilə uşağın boyunu, gözlərinin uzunsov, saçlarının qısa olduğunu başa saldı. Əli ilə meşəni göstərib hər yerdə onu axtardığını söylədi. Oğlan səmanı göstərib əlinin səkkiz barmağını bükdü və kədərlə: “Nako! Nako!” – dedi. “Uşağın səkkiz yaşı var, adı da Nakodur”, – deyə Rüstəm Kənana tərcümə etdi. Öz yaşını bildirmək üçün o özünün on və Rüstəmin dörd barmağını bükdü. “O bizimlə yaşıddır”, – deyə Rüstəm qeyd etdi. Onlar Axoya ürək-dirək verib qardaşını tapmaqda ona əllərindən gələn köməyi əsirgəməyəcəklərinə söz verdilər. Onların dediklərindən Axo nə anladı – bunu heç kim bilmir, amma razılıq əlaməti olaraq o, əlini ürəyinin üstünə qoyub baş əydi.
Gecədən xeyli keçmişdi. Kənan və Rüstəm ayaqqabılarını soyunub ocağın qırağında yerlərini rahatladılar. Amma çox yorğun olsalar da, yata bilmir, cürbəcür fikirlərlə əlləşib-vuruşurdular.
– Qardaşını niyə tək axtarır? – deyə Kənan fikirli-fikirli sükutu pozdu, – ailəsinə desə, hamı birlikdə axtarsa, daha yaxşı olmazmı?
– Uşaq Axo ilə birlikdə meşədə imiş, necə olubsa, itib.
– Onun da öz problemləri var, amma buna baxmayaraq bizə kömək eləyir.
Uşaqlar dönüb üzündə alovun kölgəsi gəzən ibtidai insana baxdılar.
– O niyə yatmır? Heç yuxusu da gəlmir.
– Nə bilim, yəqin, ocağa baxır ki, sönməsin. Sönsə, soyuq olar.
– O, başdan-ayağa çirk içindədir, – deyə Rüstəm pıçıldadı, – saçlarının içində çör-çöp, torpaq, nə desən var. Özündən də pis iy gəlir.
Kənan oğlana qarşı daha yumşaq mövqe tutdu:
– Bu onun günahı deyil. İnsanlar hələ sabun icad eləməyiblər.
– Bir azdan biz də vəhşiləşib ona oxşayacağıq.
– Fikir eləmə, mənim çantamda sabun, şampun, daraq və dəsmal var.
– Nə danışırsan? Çantanı gərək bərk saxlayaq.
Axonun yerindən qalxdığını uşaqlar görmədilər. O, pişik kimi asta və səssiz hərəkət edirdi.
Rüstəm birdən dik atıldı. İbtidai insanın alovun işığında qorxunc görünən kobud üzü düz onun qarşısında idi. Axo iri dişlərini göstərib gülə-gülə nəyəsə işarə edir, “ayaq, ayaq” deyirdi. Az sonra üçü də bir-birinə qoşulub gülməyə başladı: oğlan Kənanın iri ayaqqabılarını geyinmişdi. Sonra Rüstəmin qatlayaraq döş cibinə qoyduğu eynəyi bir göz qırpımında qapıb əyri vəziyyətdə gözünə taxdı. Eynək ibtidai oğlanın gözündə çox gülməli görünürdü. Onun gözləri qarşısında hər tərəf bulandı, ətrafındakılar başına fırlanmağa başladı və o, müvazinətini itirib yerə oturdu. Kənan ayının qorxusundan ağzını tutaraq uğunmuşdu. Eynəyinin sınacağından ehtiyat edən Rüstəm isə onu geri tələb edirdi. Axo tələsik eynəyi dartıb çıxardı, tanış olmayan əşyanın insanda doğurduğu şübhə və qorxu hissi ilə onu Rüstəmə qaytardı.
Xeyli keçdi. Heç kim yatmamışdı. Hər üçü isti evini, ocağını, ailəsini, doğmalarını düşünürdü. Onların nə qədər əziz, nə qədər qiymətli olduğunu anlayırdılar. Kənan pıçıltı ilə soruşdu:
– Yatmamısan?
– Yox.
– Biz burda çox qalmayacağıq, elə deyilmi, Rüstəm? Sən, yəqin, qayıtmağımız üçün bir şey fikirləşəcəksən.
– Əlbəttə, fikirləşəcəm, – Rüstəm yalnız dostunu sakitləşdirmək üçün belə dedi, ürəyində isə “mən heç nə eləyə bilməyəcəm” düşündü.
– Görəsən, Aysel bizim Daş dövrünə düşdüyümüzü bilir?
– Haradan bilə bilər ki? – Rüstəm təəccübləndi.
– O, partlayışı gördü, qapının ağzında idi.
– Doğrudan?! – sevincdən Rüstəmin səsi titrədi, – bu, əla xəbərdir ki! Bu məsələ vəziyyəti dəyişir!
– Bir şey də soruşacam. Sən mənə 100 il sonranı göstərmək istəyirdin. Necə oldu ki, biz gələcəyə deyil, keçmişə, özü də Daş dövrünə düşdük?
Rüstəm qalxıb oturdu.
– Zaman maşını ilə səyahət edəndə gərək əsrləri səhv salmayasan – Elxan müəllim həmişə belə deyirdi.
– Sən əsrləri səhv saldın?
– Yox. Mən əqrəbi düz yüz il sonraya qoymuşdum, vaxtı təyin edəndə isə… Deyəsən, burada səhv elədim. Gələcəkdə nə qədər vaxt qalmaq istədiyimizi pultdan daxil eləyəndə qısaqapanmaya bənzər bir şey baş verdi. Əqrəb boşalıb geri fırlanmağa başladı. Mən onu saxlaya bilmədim, əsrlər bir-bir geri döndü. Sonra nələr olduğunu anlamadım, artıq hər şey mənim nəzarətimdən çıxmışdı.
– Kaş səhv etməyəydin, – Kənan ah çəkdi, – gələcəyə düşmək bizim üçün daha yaxşı olardı.
Rüstəm hələ uzun müddət yata bilmədi, Ayselin hansı addımlar atacağını hesablamağa çalışdı.
Gecənin bir aləmində Kənan yuxudan oyandı. Mağara əməlli-başlı qızmışdı, amma içəri tüstü ilə dolu idi. Tüstünün bir hissəsi dəlikdən bayıra çıxıb havaya qarışsa da, içəridə nəfəs almaq mümkün deyildi. Kənanı öskürək tutdu, gözü bərk acışırdı. Axonun isə heç nə vecinə deyildi, dinməzcə oturub ocağa nəzarət edirdi.
– Axo! – deyə Kənan onu çağırdı, – bəs sən yatmırsan? Bəlkə, bu ocağı söndürək?
Oğlanın sual dolu baxışlarını görüb o, əl hərəkətlərinə keçdi:
– Ocaq, – deyə ocağı göstərdi, – söndürək, – əllərini çarpazlaşdırıb ocağın üstündə tutdu.
Axo onu başa düşdü. Başı ilə razılıq işarəsi verib yatmaq üçün öz küncünə çəkildi. Başlı-başına qalan alov yavaş-yavaş öləziyib söndü, amma hələ uzun müddət tüstülədi.

Ayının kələyi
Hava işıqlaşırdı. Kənan taqqıltıya yuxudan oyandı. Axo mağaranın ağzına bir ağac kötüyü salmışdı. Kötük yerindən tərpənməsin deyə boş yerlərə daş itələyirdi. Kənan başa düşdü ki, ayı bütün gecəni arxa tərəfdə yatıb və indi də oradadır. Rüstəm şirin yuxuda idi, yata-yata gülümsəyirdi. Kənan ona həsədlə baxdı, “Hələ dünyadan xəbərsizdi, – düşündü. – İndi oyanıb başımıza gələnləri görəcək”.
Çox keçmədi ki, ayı yuxudan ayıldı. Yerində xeyli eşələnəndən sonra dustaqlarını xatırlayıb qalxdı. Yuxuda ikən içəridən səs-küy gəldiyini eşitmiş, amma durub baxmağa tənbəllik eləmişdi. İndi dəliyin bağlı olduğunu görəndə xeyli təəccübləndi, bu onun heç xoşuna gəlmədi. Pəncələri və burnu ilə kötüyü qabağa itələməyə başladı, elə həşir qopardı ki, dərin yuxuda olan Rüstəm də oyandı. Axo yuxarı dırmaşıb kötüyü yerinə itələməyə çalışırdı. Kənan pəncələri üstə qalxıb ona kömək elədi. Amma ayının hücumlarının qabağını almaq mümkün olmadı. Kötük şüşə qabdan açılan tıxac kimi sıçrayıb dəlikdən çıxdı və taqqıltı ilə yerə düşdü. Ardınca ayının burnu dəlikdən göründü.
– Biz bunsuz yaşaya bilmirik ki, – qanı qaralmış Rüstəmin yuxusu tamam qaçdı.
Xeyli keçdi. Hirsindən ağlını itirmiş heyvan özünü qayaya çırpır, aramsız böyürürdü. Bu gün o daha əsəbi idi. Uşaqlar nə edəcəklərini bilmirdilər. Nəhayət, ayı sakitləşdi. Bir azdan hənirtisi tamam kəsildi.
Uşaqlar bərk acmışdılar. Axşam yedikləri azacıq yemək onlara heç səhərə kimi bəs eləməmişdi. Aclıq getdikcə özünü daha çox göstərir, qorxu hissi ilə bərabər onlara əziyyət verirdi.
İbtidai insanların duyğu üzvləri daha çox inkişaf eləmişdi. Onlar heyvanlar kimi qoxuları bir-birindən ayırır, yaşamaq üçün hər an iti görmə və eşitmə qabiliyyətlərindən istifadə edirdilər. Ayının qoxusunu duymayan Axo mağaradan çıxdı, ayının yaxınlıqda olmadığını yəqin edəndən sonra uşaqlara işarə verdi. Onlar da bir-birinin ardınca ehtiyatla içəridən çıxdılar. Azadlıq! Təmiz havanı ciyərlərinə çəkən uşaqlar günəşin işığından gözlərini qıyıb ətrafı seyr elədilər.
Sübh çağı idi. Buludlar ağır-ağır tərpənir, külək gölün üzərinə çökmüş isti havanı meşəyə dağıdırdı. Havada uçuşan cürbəcür quşların səsi bir-birinə qarışmışdı. Təbiət çox gözəldi.
Axo başını qaldırıb meşədən o yana sıralanan dağlara baxırdı, külək onun pırpız saçlarını tərpədirdi. Duyduğu gözəllik qəbiləli oğlanın ruhunu tərpətdi. O öz-özünə soruşdu: “Bu gözəlliyi kim yaradıb, bu ənginlikləri kim işıqlandırır? Buludların arxasında nələr var? Dağların arxasında kimlər, hansı canlılar yaşayır?” Bütün hiss etdiklərindən riqqətə gələrək o uzun-uzadı qıy çəkdi.
Amma bu hislər tez keçib-getdi. Təbiətin gözəllikləri aclıq hissini azaltmırdı. Uşaqlar meşəyə tərəf baxıb yalnız bir şey düşünürdülər: orada nə tapıb yemək olar? Qəflətən iri quşlardan biri xırıltılı səslə çığıraraq tappıltı ilə yerə düşdü: Axo onu adi daşla vurmuşdu. Qalanları pırıltı ilə yuxarı qalxıb uzaqlaşdılar. Quş qanadlarını çırparaq yerdə çırpındı. Onun boynunu qanırıb sındırandan sonra Axo elə qanı axa-axa götürüb saymazyana dəlikdən içəri atdı. Rüstəmin ürəyi bulandı, tez üzünü yana çevirdi.
Axo dostlarını mağaranın yaxınlığında saxladı. İzah elədi ki, ayı çox uzaqda deyil, hər an qayıda bilər. Əgər o görünsə, tez qaçıb mağaraya girsinlər, yemək dalınca isə o özü tək gedəcək.
Uşaqlar dayanıb Axonun ardınca baxırdılar. O, sürətlə talanı keçib meşəyə üz tutdu. Qalın ağacların arasına girməzdən əvvəl dönüb geri baxdı. Uşaqlar ona əl elədilər, o da eynilə cavab verdi. Axo meşənin sıxlığında gözdən itən kimi sağ tərəfdə, meşənin kənarında ayı göründü. Onu dikdirə dırmaşmış Rüstəm birinci gördü və dili topuq çala-çala Kənana göstərdi. “Axo! Axo! – deyə uşaqlar qışqıraraq haray saldılar. – Ayı gəlir, qaç!” Onlar yoldaşlarını duyuq salmaq üçün bir-birinə aman vermədən var səsləri ilə bağırırdılar. Axo onları eşitdi. O, ağacların arasından çıxıb ayıya sarı baxdı, daş bıçağı əlində idi. Əvvəl dönüb meşəyə qaçmaq istədi, sonra Kənanla Rüstəmə baxıb fikrini dəyişdi. Onları tək qoymamaq üçün ayının qarşısından keçib uşaqlara tərəf qaçmağa qərar verdi. İti ayaqlarına güvənən Axo böyük sürət götürdü, amma ayı da sürətini artırdı. O, kəsə yolla talanın ortasına gəlib Axo ilə uşaqların arasında dayandı. Beləliklə, mağaraya gedən yol kəsildi.
Uşaqlar aramsız çığırırdılar. Axo ayının ətrafında dövrə vuraraq gölə tərəf qaçdı. Gölün lap kənarında dikəlmiş qayanın üstünə qalxıb ayıya tərəf çevrildi. Heyvanın şaqqıldayan çənəsi, gün işığında parıldayan dişləri və hədəqəsindən çıxmış donuq gözləri onun acıqlı olduğundan xəbər verirdi. Axo zil səslə uzun bir qıy vurdu. Sonra iki əli ilə sinəsini açıb nəsə göstərdi və bir neçə söz dedi. Onun nə üçün belə elədiyini heç kim başa düşmədi. Uşaqlar səslərini kəsmişdilər, sonra nə olacağını gözləyirdilər.
Axo geri çevrilib sıldırım yamacdan gölə tullanaraq sulara qərq oldu. Məsələnin belə qurtaracağını gözləməyən ayı onun ardınca aşağı baxıb bağırdı. Ovunun baş tutmadığına əmin olandan sonra ondan əl çəkib uşaqlara tərəf üz tutdu. Kənanla Rüstəm cəld dəlikdən mağaranın içinə girdilər.
***
Rüstəm başını aşağı salıb bir küncdə oturmuşdu, hərdən yumruqları ilə eynəyinin altından gözünün yaşını silirdi. Kənan Axonun əşyalarını nəzərdən keçirirdi. O, ağır daş baltanı yerə qoyub dostunun yanına gəldi.
– Gördün, necə tullandı? Ən yaxşı üzgüçülər də elə tullana bilməzdilər.
– Tullandı, – Rüstəm kədərlə təsdiq etdi, – tullandı və yəqin ki, qayalara dəyib parça-parça oldu…
– Mən elə düşünmürəm, – deyə Kənan etiraz etdi, – o üzüb çıxa bilər.
– İstənilən halda biz yenə tək qaldıq.
– Hə, onun yeri görünür.
Kənan bir az aralıda qan gölməçəsinin ortasında qaralan ölü quşa baxdı.
– Yaxşı, biz yemək məsələsini neyləyək?
Rüstəmin üzü əyildi:
– Demə ki, biz o quşu yeyəcəyik.
– Bizim başqa əlacımız yoxdur! – Kənan səsini qaldırdı. – Acından ölmək istəmiriksə, nə oldu yeyəcəyik! Burada kafe-restoranlar yoxdur, burada yemək belədir!
O, quşu mağaranın o biri başına aparıb suda yaxşı-yaxşı yudu və tüklərini yolub təmizlədi. Sonra Axonun baltası ilə doğradı. Ən çətin iş onun içalatını çıxarmaq idi. Gözaltı ona baxan Rüstəm: “Yaxşı, bəs ocağı necə yandıracağıq?” – deyə soruşdu. Onlar Axonun əşyalarının yanına cumub od əldə eləmək üçün olan ağacları götürdülər. Kənan uzun ağacın ucunu o birinin oyuğuna qoyub ovuclarının içində fırlamağa başladı. Bir azdan əlləri qızarıb ağrıyanda Rüstəm onu əvəz etdi.
Uşaqlar çox çalışdılar, qan-tərə batdılar, əllərini yaraladılar, amma balaca bir qığılcım da əldə edə bilmədilər. Nəhayət, yorulub oturdular.
– Nə çətin iş imiş… Bircə dənə kibritimiz olsaydı, – deyə Kənan heyifsiləndi.
Rüstəm quşa baxıb udqundu:
– Ac qaldıq.
– İbtidai insanlar əti çiy-çiy də yeyirlər…
– Yox! – deyə Rüstəm qışqırdı. – Ölsəm də, yemərəm! Ölmək ondan yaxşıdır!
Kənan hələlik onunla razılaşdı.
O üzdən ayının donqultusu eşidildi. Kənan birdən yerindən şıçrayıb dəli kimi qışqırdı:
– Kəs səsini, axmaq heyvan! Ayının biri ayı! Kütün biri küt! Sənə görə yoldaşımızı itirdik! Nə istəyirsən bizdən?! Rədd ol get! Cəhənnəm ol!
Ayı səsini kəsib qulaq asırdı. O heç vaxt insan övladından belə nitq eşitməmişdi.
Kənan çox qışqırdı. Səsi tutulanadək, nəfəsi kəsilənədək qışqırdı. Sonra yumruqlarını mağaranın divarlarına çırpıb hıçqırdı…
Heç vaxt dostunu belə görməmiş Rüstəm ona yaxınlaşdı, amma deməyə söz tapmadı. Yeri-göyü yaradan, idarə edən qüvvələrə ürəyində yalvarıb kömək istədi…
***
Onlar quşun doğranmış tikələrini qarşılarına qoyub oturmuşdular, çiy tikələrin üzünə baxırdılar. Birdən mağaranın uc tərəfindən şaqqıltı eşidildi. Kənan cəld Axonun baltasını əlinə aldı. Rüstəm də əlinə ağac götürüb hazır dayandı.
– Bu nə ola bilər? – deyə pıçıldadı.
– Qurd, quş, ilan, – nə istəyirsən.
Bir neçə dəqiqə keçdi. Səs daha bərkdən təkrar olundu. Qəflətən uzun bir qıy səsi eşidildi. Uşaqlar əllərindəkiləri atıb mağaranın dibinə cumdular.
– Axo! Axo!
Cavab gəldi:
– Sam! Kam!
Uşaqlar sevincdən atılıb-düşdülər: “Odur, Axodur!” Mağaranın qaranlıq uzaq küncünə keçdilər. Kənan əyilə-əyilə suyun axarı ilə irəlilədi.
Qayaların arasında dar bir yarıqdan su şırıltı ilə gölə tökülürdü. Axo aşağıda həmin yarığın arxasındakı sivri daşdan yapışıb sallanmışdı, “Kam, Sam! Axo burda!” deyirdi. Qışqırışdılar: “Biz də burdayıq!” Kənan cəld şalvarının kəmərini açıb bir ucunu Axoya uzatdı. Onu suyun axarına qarşı çəkmək çətin olsa da, uşaqlar çalışdılar. Axo özü də qayanın çıxıntılarından və kollardan yapışaraq onlara kömək edirdi. Nəhayət, onu mağaranın içinə çəkdilər. Axo əlini qaldırıb sevinclə qışqırdı. Uşaqlar onun hayqırtısına səs verdilər. “Axo burda! Axo burda!” qışqırır, sevinirdilər.
…Ocaq çırtıltı ilə yanır, quşun tikələri daşların üstündə bişirdi. Axo təcrübəli kababçı kimi tikələri ağacla ora-bura çevirib yanmağa qoymurdu. Uşaqlar ağızlarının suyu axa-axa gözləyirdilər. Ləzzətli qoxudan qıcıqlanan ayı hey donquldanırdı.


Yeməyi bölüşdürməyi Kənana həvalə etdilər.

Qurtuluş

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/reyhan-yusifqizi/zamanin-sirl-ri-68289568/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Zamanın əsirləri Reyhan Yusifqızı
Zamanın əsirləri

Reyhan Yusifqızı

Тип: электронная книга

Жанр: Современная зарубежная литература

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Zamanın əsirləri, электронная книга автора Reyhan Yusifqızı на азербайджанском языке, в жанре современная зарубежная литература

  • Добавить отзыв