Yaşıl gözlü qız

Yaşıl gözlü qız
Reyhan Yusifqızı
Müasir Azərbaycan ədəbiyyatı
On iki yaşlı yadplanetli qız – Lemi kosmik qəza nəticəsində Yer planetinə düşür. Bəs sonra nələr baş verir? Kitabı oxusan, bu sualın cavabını özün tapacaqsan.

Reyhan Yusifqızı
YAŞIL GÖZLÜ QIZ

1. Qəza
Ucsuz-bucaqsız Kainatın ənginliklərində ulduzların, planetlərin, asteroidlərin və başqa göy cisimlərinin arası ilə kiçicik bir kosmik gəmi səssizcə uçurdu. O, digər fəza cisimləri ilə toqquşmasın deyə xüsusi proqramla idarə olunurdu. Yaşıl gözlü sarışın qız əlini çənəsinə dayayaraq maraqla kosmik gəminin dairəvi şüşəsindən – illüminatordan ətrafı seyr edirdi.
– Ulduzları yaxından görmək necə də maraqlıdır! Kaan, bu səyahətimizə görə sənə çox minnətdaram! – deyə o, cihazların göstəricilərinə nəzarət eləyən qardaşına müraciət etdi.
Saçları səliqə ilə arxaya daranmış ağbəniz oğlan gülümsədi:
– Sən Kainat haqqında çox az şey bilirsən, Lemi! Kainat bir möcüzədir. Kainat – mövcud olan hər şey deməkdir: materiya, fəza, enerji, vaxt, ulduzlar, asteroidlər, planetlər… Kainat o qədər nəhəngdir ki, onun ölçülərini təsəvvür etmək hədsiz çətindir, o qədər qədimdir ki, yaranma tarixi 15 milyard il bundan əvvələ gedib çıxır. Burada yüz milyondan çox ulduz var və onlar Kainatda heç də nizamsız şəkildə səpələnməyib, müəyyən formalarda qruplaşaraq qalaktikalar əmələ gətirib. Bax, indi biz başqa bir qalaktikaya – Süd yoluna daxil oluruq. Bir azdan sən Günəş sistemində ən çox maraqlandığın planeti – Yer planetini görəcəksən.
Leminin onsuz da iri olan yaşıl gözləri bir az da böyüdü:
– Yer planeti?! Ah, orada həyat var! Orada bizə oxşayan insanlar yaşayırlar! Onları da görəcəyikmi?!
Kaan yenə güldü:
– Bəlkə də!


Onların Günəş sistemində gördükləri ilk planet Neptun oldu. Lemi parlaq, açıq-mavi rəngli bu planetin gözəlliyinə heyran qaldı. Ona bənzəyən, amma parlaqlığı daha az olan yaşılımtıl-mavi planeti – Uranı onlar öz orbiti üzrə hərəkət edərək uzaqlaşarkən gördülər. Bir qədər sonra Neptun və Urandan xeyli böyük olan, açıq-sarı rəngli zolaqlı planet – Saturn göründü. Lemi teleskopla baxaraq onun üzərində ekvator boyunca şütüyən qasırğaların əmələ gətirdiyi ağ ləkələri müşahidə etdi. Nəhayət, onlar Günəş sisteminin ən böyük planetinə – qırmızı, sarı, ağ zolaqları teleskopda aydın görünən Yupiterə yaxınlaşdılar.
– Yupiterin diametri 150 000 km-ə yaxındır, yəni Yerinkindən 11 dəfə böyükdür, – deyə Kaan izahat verdi, – o, Günəş sistemində nəhəngliyinə görə birinci, parlaqlığına görə Veneradan sonra ikinci yeri tutur. Bizim kosmik gəmi Yupiterin səthinə enə bilməz, çünki bu planet tamamilə qazlardan ibarətdir, onun səthi yoxdur!
Onlar bir neçə dəqiqə bu nəhəng planetin coşqun və təlatümlü atmosferini müşahidə etdilər.
– Bəs Yer planeti hanı? – deyə Lemi səbirsizliklə soruşdu. – Axı kosmik xəritəyə görə, biz artıq Yeri görməliyik.
– Günəş sisteminin bütün planetləri Günəşin ətrafında öz orbiti üzrə hərəkət edir. Yer planeti bu saat o biri tərəfdədir. Biz onu görmək üçün Günəşin ətrafında dolanmalıyıq.
Beləliklə, uşaqlar kosmik gəminin hərəkət istiqamətini dəyişib Yer planetini qarşılamağa çıxdılar.
– Lemi, teleskopun arxasına keç! Sən indi gözəl Venera planetini lap yaxından görəcəksən!
Şiş qayalarla örtülmüş narıncı-qırmızı səhra, hündür vulkanlar Lemini valeh etdi. Lava püskürməsi güclü elektrik boşalması ilə müşayiət olunurdu. Sanki əsl tufan idi. Səthin böyük hissəsində dağlar yüksəlirdi. Aşağıdan püskürən lava planetin qabığını yararaq ətrafa axır, bəzən isə qabıq yarılmır, günbəz şəklində qabarırdı.
Veneradan azca uzaqlaşınca onu bürüyən sıx buludlu atmosfer planetin səthini görünməz etdi. Bir azdan qarşıda nisbətən kiçik qırmızı planet göründü. Bu, Mars idi.
– İki il əvvəl atamla qalaktikaların səyahətinə çıxanda biz gəmimizi Marsın səthinə endirmişdik, – deyə Kaan yadına saldı, – Marsın səthi tozlu və soyuqdur. Addımbaşı vulkanlar, kraterlər, kanyonlardır. Atmosferdə karbon qazının sıxlığı çoxdur. Daşlı düzənliklərdə qurumuş çayların və boğazların təbii izləri görünür. Torpağı qırmızı dəmir-oksidlə zəngindir. Güclü küləklər qırmızı tozu göyə sovurur.
Onlar qırmızı planeti arxada qoyub yollarına davam etdilər. Yumru pəncərələrdən düşən parlaq şüalar gəminin içini işıqlandırırdı. Pəncərədən baxmaq istəyən Lemi onun qara örtüklə avtomatik bağlandığını görüb təəccübləndi.
– Bizdən sağda nəhəng qaynar ulduz – Günəş hərəkət edir, – deyə Kaan izah etdi, – Günəş sisteminin bütün planetləri onun ətrafında fırlanaraq ondan işıq və enerji alır. Günəş atmosferində temperatur həddən artıq yüksəkdir. Əslində, Günəş sıx qaz kürəsidir, onun səthi 300 km qalınlığında işıqlı qatdan ibarətdir. Bu ulduza adi gözlə baxmaq olmaz. Teleskopun arxasına keçib qara plyonkadan bax.
Lemi diqqətlə baxdı:
– Onun səthi gözəl qırmızı-bənövşəyi rəngdədir. Özü də hamar deyil, girintili-çıxıntılıdır və hey hərəkət edir, qalxır-enir, sanki nəfəs alır.
– Günəşin nüvəsi əsl atom reaktorudur. Burada istilik-nüvə reaksiyaları bir an belə dayanmır. Səthdə görünən tünd ləkələr güclü maqnit sahələrinin çıxış yerləridir. Dərinliklərdəki daha qızğın maddə yuxarı qalxır, nisbətən soyuq maddə isə aşağı enir. Səth sanki nəfəs alır, «nəfəs aldıqca» isə ətrafa səs yayılır. Diqqətlə qulaq assan, eşidərsən.
Hər ikisi nəfəsini dərib qulaq asdı. Lemi sevincək əllərini bir-birinə vurdu:
– Eşitdim! Günəş oxuyur!
Qara plyonka arxasından növbə ilə Günəşə tamaşa etməyə başları qarışmasaydı, onlar Yer planetini daha tez görərdilər.
– Lemi, qarşıya bax! Bu, Yerdir!
Lemi sarımtıl-mavi rəngli planetdən gözünü çəkə bilmirdi.
– Yer planetinin 70 faizi sudur: göllər, dənizlər, okeanlar və s. Onlar mavi rəngdə görünür. Bu planetdə həyat üçün lazım olan hər şey var: hava, su, torpaq. Planet zəngin flora və faunaya malikdir, amma burada əsas yeri insanlar tutur. Onlar zahirən bizə oxşasalar da, fərqlidirlər. Onlar bütün planetə təsir edib onu dəyişirlər.
– Biz onları görüb danışa bilərik?
– Yox, bacım, buna icazəmiz yoxdur.
Lemi qüssələndi:
– Heyif! Mən onlarla tanış olmaq istəyərdim…
Onlar müəyyən məsafəyədək Yer planetinə yaxınlaşıb onun ətrafına dolanmağa başladılar.
– Kaan, bir az da yaxınlaşaq. Mən bu planeti daha yaxından görmək istəyirəm.
– Olmaz, Lemi! Cihazlar xəbərdarlıq siqnalları verir.
Lemi teleskopun arxasına keçdi.
– O tərəfdə vulkanlara bax!
– Bunlar Havay adalarıdır. Bu adalardakı vulkanların hündürlüyü 4000 metrə çatır.
– Aşağıdan duman qalxır. Bu nə işıqlardır? Yoxsa məskunlaşmış sahələr, şəhərlər başlayır?
Birdən kosmik gəmi möhkəm silkələndi. Hansısa bir qüvvənin təsiri altında istiqamətini dəyişib Yerə doğru yönəldi. Kaan cəld cihazların arxasına keçərək gəmini əvvəlki vəziyyətinə qaytarmağa çalışdı, amma onlar sözə baxmır, bir-bir sıradan çıxırdı. O öz planeti ilə əlaqə saxlamağa çalışaraq həyəcan siqnalı göndərib kömək istədi. Lemi özünü itirmiş halda qardaşını izləyirdi:
– Nə oldu, Kaan? Nə baş verir?
– Biz Yerin radiasiya qurşağına ilişmişik. Buradakı güclü maqnit sahəsi bəzi cihazlarımızı sıradan çıxarıb. Qəza baş verib, Lemi! Biz təhlükədəyik!
Lemi həyəcanla pəncərədən baxdı. Onlar sürətlə Yerə doğru enirdilər. Cihazların birindən qısa siqnallar eşidildi.
– Cavab gəldi, Lemi! Bu Qalaktikada bizim başqa bir gəmimiz də var! O bizə kömək edə bilər!
Leminin gözləri işıqlandı:
– Demək, biz xilas oluruq?
– Bilmirəm… Vaxt çox azdır…
Kaan gəminin arxa tərəfinə cumub xilasedici paraşüt-şarları çıxardı.
– Şarın içinə keç, Lemi! Səhvə yol vermə, hər şeyi təlimata uyğun qaydada elə! Vaxtında kömək gəlməsə, biz paraşüt-şarların içində gəmidən kənara atılmalıyıq.
Onlar şəffaf şarların içinə yerləşib gözləməyə başladılar. Vaxt azalırdı. Kaan Yerə qədər məsafəni göstərən cihazdan gözünü çəkmirdi. Məsafə isə böyük sürətlə azalırdı.
– Lemi, hazır ol! Mən işarə verəndən sonra düyməni bas! Ancaq mən işarə verəndən sonra!
O, əlini yuxarı qaldırıb hazır dayandı. Birdən cihazların bir neçəsində ekran tutulub-açıldı. Digər ellipsşəkilli kosmik gəminin görüntüləri ekrana gəlincə o qışqırıb bacısına tərəf dönəndə səbirsiz Lemi artıq düyməni basmışdı.
– Lemi! Lemi!
Lemi artıq onu eşitmirdi. Xilasedici şar bir göz qırpımında gəmidən kənara atılıb yavaş-yavaş Yerə enməyə başladı. Leminin qolundakı saat yanıb-söndü, Kaanın səsi eşidildi:
– Lemi, sən neylədin?! Sən tələsdin! Bizi xilas etdilər, gəmi geri qayıdır!
Lemi çaşqın halda əllərini şəffaf şarın divarlarına söykəyib altdan-yuxarı işıqları yanıb-sönən gəmiyə baxırdı.
– Lemi, eşidirsən?!
O sanki danışıq qabiliyyətini itirmişdi. Nəhayət, cavab verdi:
– Eşidirəm! Mən nə etməliyəm?
– Ən qısa zamanda sənin dalınca gələcəyəm! Özündən muğayat ol! Saatı qolundan çıxarma! Lemi! Lemi! Hələlik!
Yuxarıdan gur işıq düşdü. Kiçik, yumru kosmik gəmi digər daha böyük ellipsvari gəminin müşayiəti ilə uzaqlaşdı. Bir neçə saniyədən sonra əlaqə kəsildi: Lemini öz dünyası ilə bağlayan yeganə cihaz susdu. O, Yerin səthində yumşalıb yapıxmış paraşüt-şarın üstündə oturaraq iri gözlərini geniş açıb yuxarı – gözdən itmiş kosmik gəmilərin arxasınca göylərə baxırdı…

2. Yerdə ilk tanışlıq
Lemi paraşütü büküb çiyninə ataraq torpaq yolla ağır-ağır gedirdi. Nə qədər vaxt keçdiyini bilmirdi. Hava getdikcə qaralır, hər tərəfə zülmət çökürdü. Sonra yenə işıqlaşdı və Günəş göydə göründü.
Lemi nigarançılıq keçirsə də, qorxmurdu, insanlarla rastlaşacağı anı səbirlə gözləyirdi. Arada yorulduğunu hiss edərək iri bir daşın üstündə oturdu. Yenə göyə baxdı və uçan quşları seyr etdi. Dincini alandan sonra paraşütünü daşın altında gizlədib yenə yoluna davam etdi.
Torpaq yolun kənarında, böyük bir sahədə zibillik vardı. Lemi əvvəlcə bunun nə olduğunu başa düşmədi. Yaxınlaşınca üfunət iyindən üz-gözünü turşudub yolunu dəyişmək istəyirdi ki, zibillikdə kiminsə eşələndiyini görüb dayandı və diqqətlə baxdı. Bir neçə saniyədən sonra Lemi özünün böyük arzusunun indicə həyata keçəcəyini başa düşdü: Yer planetində rast gəldiyi ilk insan onun qarşısında, zibilliyin içində dayanmışdı. Bu, yaşlı bir qadın idi.
Lemi qadından gözünü çəkmədən zibilliyin kənarı ilə yavaş-yavaş ona yaxınlaşır, üfunət iyini daha hiss eləmirdi. Qadının əynində köhnə paltar, ayağında uzunboğaz rezin çəkmə vardı. Bir tərəfi aşağı dartılmış yun jaketinin qolları deşik-deşik idi. Başına bağladığı solğun yaylığın altından pırpız saçları görünürdü. O, əlindəki ağacla zibili eşələyib nəsə axtarır, tapanda isə əyilib götürərək çiynindən asdığı iri meşin çantanın içinə qoyurdu. Başı işinə qarışdığından yaxınlaşıb beş-altı addımlığında dayanmış qızcığazı çox gec gördü. Diksinib geri çəkilmək istəyəndə ayağı nəyəsə ilişdi, az qaldı yıxılsın, amma müvazinətini saxladı. Bir neçə dəqiqə bir-birinə baxdılar. Qadın Leminin açıqrəngli qısa saçlarına, ağ bənizinə və yaşıl gözlərinə, əyninə kip oturan boz rəngli şümal şalvarına və köynəyinə təəccüblə baxırdı.
Leminin maraq dolu gözləri geniş açılmışdı, qadını danışdırmaq istəyir, amma nədən və necə başlayacağını bilmirdi. İlk ağlına gələn bu oldu ki, fikrini cəmləyib qadının yaddaşındakı sözlərin hamısını öz beyninə köçürsün.
– Sən kimsən? – deyə qadın sözə birinci başladı, – bura necə gəlib çıxmısan?
– Mən?
Lemi yalan danışmağı bacarmırdı, daha doğrusu, bu heç onun ağlına da gəlmirdi, çünki onların yaşadığı planetdə heç kim heç vaxt yalan danışmırdı. Odur ki sözləri əzə-əzə dedi:
– Biz qalaktikaları səyahət etməyə çıxmışdıq. Qardaşım Kaan məktəbin ən yaxşı şagirdi seçildiyi üçün ona icazə vermişdilər, o da məni özü ilə götürdü. Biz Yer planetinin radiasiya qurşağına ilişib qəzaya düşdük. Əslində, bizim gəmini xilas elədilər, ancaq mən səhvə yol verdiyimdən burada qaldım.


Qadın ağzını ayırıb heyrətlə qulaq asır, bir şey anlamağa çalışırdı. Birdən o, əlini alnına vurub bərkdən güldü:
– Hə, başa düşdüm. Sən, yəqin, xəstəxanadan qaçmısan, eləmi?
Lemi sualı başa düşmədiyindən belə cavab verdi:
– Mən qaçmadım, sadəcə, səbirsizliyimdən düyməni bir az tez basdım, tələsdim.
Qadın təsdiq elədi:
– Əlbəttə, qaçmaq yaxşı deyil, bir az tələsdin. Ay səni! Bilirsən, lap yaxşı eləmisən! O ağxalatlılar, yəqin, səni çox incidiblər. Düzmü deyirəm, incidirdilər?
– Yox, məni heç kim incitməyib. Ancaq dərs keçir və qayda-qanunlara riayət etməyi tələb eləyirdilər.
– Bu qayda-qanunları mən yaxşı bilirəm.
«Yazıq uşaq», – deyə qadın ürəyində fikirləşdi. Sonra hər şeyi belə «gözəl» başa düşdüyü üçün özündən razı halda gülümsəyib əlavə etdi:
– Daha heç nədən qorxma, mən sənə kömək edərəm.
Onlar əl-ələ tutub yola düzəldilər. Qadın hərdən gözucu Lemiyə baxır, pul qazanmaq üçün ondan necə istifadə edəcəyini düşünürdü.
– Sənin atan-anan haradadır?
– Çox uzaqdadırlar.
«Bu lap yaxşı oldu, – deyə o düşündü, – uşağı itirib-axtaran olmaz».
– Adın nədir?
– Lemi.
– Necə?
– Lemi!
– Bu sənin əsl adındır?
Lemi gözlərini döydü. «Nə fərqi var ki», – deyə qadın düşündü.
– Mənim adım Emadır. Ema xala.
– Ema xala! – Lemi təkrar etdi, – Ema xala!
Lemi bu qadından qorxmur, ehtiyat eləmirdi, onun xeyirxah niyyətli olduğuna əmin idi. Odur ki hara gedəcəklərini, nə edəcəklərini bilməsə də, onun əlindən tutaraq sakitcə addımlayırdı.
Günəş batmaq üzrə idi, üfüq qırmızı rəngə boyanmışdı. Səssizlik, nəhayətsizlik, sola-sağa burularaq uzanıb üfüqə qovuşan yol… Zibilliyi çıxmaq şərti ilə Yer planetindən və burada rast gəldiyi ilk insandan aldığı təəssüratdan məmnun qalan Lemi gülümsəyirdi…
Onlar xarabalıqda, çoxdan tərk edilmiş uçuq evlərdən birində qadının özü üçün düzəltdiyi daxmaya girdilər. Otağın üç pəncərəsindən ikisinə taxta vurulduğundan alaqaranlıq idi. Bir tərəfdə dəmir çarpayı, stol və bir neçə kətil görünürdü. Çarpayının üstündə bir neçə mütəkkə, cırıq döşək və köhnə pal-paltar vardı. Otağın o biri tərəfində küncdə ocaq yeri nəzərə çarpırdı. Qadın zibilxanadan yığdığı boş şüşə qablarla dolu çantanı yerə qoyub eşələdi, kibrit çıxarıb ocağı yandırdı. Sonra onlar ocağın yanındakı dəmir qabdan dolça ilə su götürüb həyətdə əl-üzlərini yudular. Bu gözlənilməz qonağı üçün əldən-ayaqdan gedən qadın çaydana bir dolça su töküb qaynamağa qoydu, taxçadan quru çörək, pendir, qənd və cem çıxarıb stolun üstünə düzdü, stəkan-nəlbəki də gətirdi. Çörək ləzzətli olsun deyə onu ocaqda dəmirin üstündə qızdırdı.
Lemi qadının hər bir hərəkətini maraqla izləyirdi. Stolun üstünə düzülənlər onun indiyədək yediyi yeməklərə qətiyyən bənzəmir, vitamin və yağlarla zəngin rəngbərəng həbləri də xatırlatmırdı. İsti çörəklə pendiri ləzzətlə yedi. Sonra ev yiyəsinə baxaraq qəndlə çay içdi, cemi qaşıqladı. Səhərdən bəri ona əziyyət verən aclıq hissinin keçib-getdiyini görüncə çox sevindi. Şam yeməyindən sonra qadınla uzun-uzadı söhbət etdilər. Qadın ona uşaqlığından, ata-anasını erkən itirdiyindən, uzun müddət tək qaldığından, iş tapa bilmədiyindən danışdı. Lemi diqqətlə qulaq asır, tez-tez suallar verir, hər şeyi yerli-yataqlı soruşub öyrənməyə çalışırdı. Qadın onun ən adi şeyləri belə bilmədiyinə təəccüb eləsə də, sonda ağıldankəm uşaq üçün bunun normal olduğunu qəbul etdi.
Gecə Lemi Ema xalanın boğçaları və pal-paltarı yerə tökərək səylə səliqəyə saldığı çarpayıda uzanan kimi dərin yuxuya getdi. Qadın özü isə yerdə düzəltdiyi yataqda uzun müddət yata bilməyərək fikirləşdi: uşağı aparıb xəstəxanalardan birinə təhvil versinmi, yoxsa yanında saxlasınmı? Axı o da təklikdən bezmişdi, özünə hayan axtarırdı. Bir neçə dəfə durub qızın üstünü örtdü. Səhərə yaxın bir də durdu, uzun-uzadı qızın üzünə baxıb saçlarını sığallayaraq alnından öpdü:
– Səni göydən mələklər mənim üçün göndəriblər, sən məni bəxtəvər edəcəksən, – deyə pıçıldadı.

3. Parkda
Səhər tezdən Lemi maşın mühərrikinin gurultusuna yuxudan oyanıb pəncərədən baxdı. Ema xala həyətdə dayanmış iri zibil maşınının yanında yaşlı bir kişi ilə nəsə danışırdı. Qadın içəri keçib Lemini tələsdirdi:
– Tez ol, qızım, maşın bizi şəhərə aparacaq. Bir az yemək götürüm, yolda yeyərsən.
Lemi həyətə çıxanda sürücü əyilib maşının kabinəsində nəyisə düzəldirdi. Başını qaldırıb Lemini görəndə heyrətdən bir neçə dəqiqə danışmaq qabiliyyətini itirdi. Sonra cəld əllərini silib əsgini maşının içinə tullayaraq Ema xalanın qarşısına keçdi:
– Ay arvad, sən məni işə salmaq istəyirsən? «Ay, bacım qızıdır, ay, qohumumdur»… Məni səfeh hesab edirsən?
– Allah eləməsin! Bu nə sözdür, ay Nəsib?
– Aydın məsələdir ki, bu qız bir yaxşı ailənin uşağıdır. Düzünü de görüm, haradan oğurlamısan onu?!
Qadının dili topuq çaldı:
– Nə, nə oğurlamaq?! Özün danışdırsan, görərsən ki, ağıldankəmdir, ona görə də atılıb. Vallah, özü mənimlə qalmaq istəyir, bir-birimizə hayan olarıq.
– Ay arvad, sabah ailəsi tapılıb başıma oyun açar. Mən onu maşınıma mindirə bilmərəm.
– Yaxşı, özündən soruşaq. Qızım, bura gəl, – deyə o, üzünü Lemiyə tutdu. – Sənin adın nədir?
– Lemi!
– Xəstəxanadan necə qaçmısan?
– Mən düyməni bir az tez basdım… – deyə Lemi bütün başına gələnləri birnəfəsə danışdı. O, sözləri özünəməxsus şəkildə vurğulayır, bəzi səsləri düzgün tələffüz etmirdi. Bütün bunlardan bir şey başa düşməyən sürücü səbirsizliklə soruşdu:
– Ata-anan haradadır?
– Çox uzaqlarda, başqa Qalaktikada.
– Lənət şeytana, heyif bu uşaqdan, – deyə sürücü başını buladı, – di minin, tez olun! Onsuz da gecikmişəm.
Bütün yolu o heç nə danışmadı, hərdənbir dönüb ürək yanğısı ilə Lemiyə baxırdı. Qızcığaz isə hər dəfə ona gülümsəyib başını tərpədirdi…
Maşın gurultu sala-sala şəhərə girəndə Leminin gözü dörd oldu. O, adamlara, maşınlara, tikililərə diqqətlə baxır, adi şeylərə valeh olduğunu gizlətmir, sadəlövh suallar verirdi: «Maşın hərəkət edəndə niyə gurultu salır?», «Sükan nə üçündür?», «Bu oğlan nə satır?», «Dondurma turşdur, yoxsa şirin?» və s.
– Bu uşaq danışmasa, daha yaxşı olar, – deyə sürücü acıqlı-acıqlı mızıldandı.
Ema xala onu daha artıq hirsləndirməməkdən ötrü maşından tez düşməyi qərara aldı. Onlar şəhərin mərkəzi hissəsinə doğru xeyli piyada getdilər. Qadın qızın əlindən bərk-bərk tutmuşdu, sanki itəcəyindən qorxurdu. Parkın girəcəyində, gediş-gəliş çox olan yerdə Ema xala qızı kənara çəkib yerə saldığı döşəkçənin üstündə oturtdu, özü də ondan bir az aralıda oturdu.


Lemi ağzını ayırıb maraqla gəlib-gedənə baxır, parka gəzməyə gələn adamlardan, əllərində top, şar və başqa oyuncaqlar olan qəşəng geyinmiş uşaqlardan gözünü çəkə bilmirdi. Səs-küy, qələbəlik onun ürəyincə idi: daha çox şey görmək, eşitmək istəyirdi.
Lemi burada nə üçün oturduqlarını, ötüb- keçənlərin hamısının diqqətini nə üçün cəlb etdiyini başa düşmürdü. Bəziləri ona təəccüblə, bəziləri heyrətlə, bəziləri isə ürək ağrısı ilə baxırdı. Bir az aralıda oturmuş Ema xala: «Ağlı çatışmayan bu gözəl uşağa rəhm eləyin», «Xəstə qızcığaza kömək eləyin», – deyə tez-tez təkrarlayırdı. Yoldan ötənlər qızın yanına qoyulmuş qaba pul atırdılar. Qab sürətlə dolur, qadın sevincək onu meşin çantasına boşaldıb təzədən yerinə qoyurdu. Leminin «Bunlar nə üçündür?» sualına o belə cavab verdi: «Bunlar həyatdır, bunlar hər şeydir!»
Bir uşaq Lemiyə şar bağışladı, o biri onun yanında çöməlib oturaraq adını soruşdu. Lemi cavab verməyə macal tapmamış uşağın anası peyda oldu və onun əlindən tutub darta-darta apardı. Uşaq bir neçə dəfə çevrilib baxandan sonra əli ilə «sağ ol» elədi.
Gün qalxdıqca hava istiləşirdi. Lemi üzünü günəşin ilıq şüalarına tutub başını sola-sağa tərpətdi. İntuisiyası onu hər dəfə fürsət düşdükcə orqanizmi üçün lazım olan enerjini toplamağa sövq edirdi. Parkda əylənən, yelləncəklərin birindən düşüb o birinə minən uşaqların səsi, gülüşü eşidilirdi. Lemi yerindən qalxıb parkın içinə keçmək, uşaqlarla birlikdə yellənmək, əylənmək istədi. Ema xala narahat halda cəld yerindən qalxıb onu çiyinlərindən basaraq geri oturtdu:
– Hələ ora getmək olmaz, bizi buraxmazlar. Əvvəl işləyib pul yığaq, axşam səni aparıb bütün yelləncəklərə mindirərəm.
Lemi ürəyində onunla razılaşmasa da, sözündən çıxmadı, oturub axşamı gözləməyə başladı, çünki nə qədər sərbəst böyümüş olsa da, özündən yaşca böyük olan daha təcrübəli adamların sözünü saymağa vərdiş eləmişdi. Buna görə də axşamı gözləyərək xəyallar qurarkən haradansa peyda olan bir qadın onu fikirlərindən ayırdı. Üst-başından, geyimindən elə Ema xalaya oxşayan bu qadın bir əlini belinə qoyub onun qarşısında dayanmışdı.
– Bura bax, sən haradan çıxmısan? – deyə o, rişxəndlə soruşdu.
Ema xala tez yerindən müdaxilə elədi:
– Ey, ey, uşaqla işin olmasın! Nə sözün var, mənə de!
– Ema, indi də bu kələyə əl atmısan?! Bu uşağı haradan tapmısan?
– Heç yerdən! Dost-doğmaca bacım qızıdır, yanıma gəlib!
– Məni dolamısan?! Sənin nə vaxt bacın oldu ki, qızı da olsun?!
– Bacım olmasın, xalam qızı olsun! Sənə nə var?
– Necə yəni?! Camaat cibini burda boşaldıb bizim yanımıza əliboş gəlir, – deyə qadın özündən çıxıb pulla dolu qaba bir təpik vurdu, – bu qızı durğuz, rədd elə burdan, yoxsa mən onu…
Ema xala yerindən sıçrayıb qadının qarşısını kəsdi. Onlar qışqırışmağa başladılar.
Lemi bu qalmaqaldan heç nə başa düşmürdü. Bu qadın nə istəyir, niyə ona hücum edir, niyə Ema xalaya qışqırır, – bunları heç cür anlamırdı. Ancaq onu dəqiq bilirdi ki, bu qadın onun üçün təhlükəlidir, ondan ehtiyatlanmaq, qorunmaq, özünü müdafiə etmək lazımdır. O, fikrini bir yerə cəmləyib bu təhlükə mənbəyinə diqqətlə baxdı, instinktiv olaraq özünü qorumaq üçün bütün ehtiyat enerjisini toplayıb ona yönəltdi. Ema xalanın qarşısında dik-dik dayanıb əllərini ölçə-ölçə danışan qadının gözü birdən Lemiyə sataşanda sözü ağzında qaldı, sifəti dəyişib üzü əyildi. Qızın gözlərindən çıxan qırmızı qığılcımlar qadının beyninə işlədi, onu fikirləşmək və danışmaq qabiliyyətindən məhrum elədi. Ema xala təəccüblə ayaqları bir-birinə dolaşa-dolaşa qaçıb gedən qadının ardınca baxdı, sonra Leminin yanına gəlib başını sığalladı:
– Qorxmadın ki?
– Yox!
– Sən ona nə elədin?
– Heç bir şey!
Qadın dağılmış pulları bir yerə toplayıb yerində oturandan sonra uzun-uzadı bir nöqtəyə baxıb fikrə getdi…
Günortadan sonra Ema xala Lemini kiçik bir yeməkxanaya apardı. Qadının kefi kök idi: adətən, bir həftəyə yığdığı pulu bu gün bir neçə saatın içində yığmışdı. Gülə-gülə içəri keçmək istəyəndə cavan bir oğlan onların qarşısını kəsərək kobudcasına: «Olmaz! Biz burada ehsan vermirik!» – dedi. Yalvarmağa vərdiş eləmiş Ema xala yazıq görkəm alıb: «Vallah, pulumuz var, yediklərimizin pulunu ödəyəcəyik», – deyə and-aman eləməyə başladı, lakin oğlanın ona yox, əlindən tutduğu Lemiyə fikir verdiyini görüb: «Bu uşaq da acdır, özü də qonaqdır. Belə gözəl qızcığazı içəri qoymayacaqsan?» – deyə vəziyyətdən istifadə etməyə çalışdı. Oğlan bir qədər tərəddüddən sonra kənara çəkildi. Onlar yeməkxananın küncündə qoyulmuş masanın arxasında oturdular. Ema xala qızardılmış toyuq, qutab və dovğa sifariş verdi, sonra da bir ovuc xırda pul sayıb hesabı əvvəlcədən ödədi. O, ömründə belə ürəklə pul xərcləməmişdi və heç vaxt belə iştahla yeməmişdi. Qadın Lemiyə qulluq eləyir, onu daha çox yedizdirməyə çalışır, onun bütün suallarına səbirlə, gülə-gülə cavab verirdi. Arada o, söhbəti hərləyib bayaqkı qalmaqalın üstünə gətirdi:
– Bu parkda həmişə adam çox olur. Varlılar uşaqlarını buraya gəzməyə, əylənməyə gətirirlər. Burada işləyib pul yığanlar bir neçə nəfərdir. Biz parkı sahələrə bölmüşük, hərə öz sahəsində çalışır. O həyasızın gəlib bizim işimizə qarışmağa haqqı yox idi.
Lemi sakitcə qulaq asaraq bir söz demədi. Ema xala əyilib pıçıldadı:
– O səndən niyə qorxdu? Nə dedin ona?
– Heç bir şey.
Ema xala həmin hadisə vaxtı arxası Lemiyə tərəf olduğundan heç nə görmədiyinə təəssüfləndi. O, hiss eləyirdi ki, bu qızda onun görmədiyi, başa düşmədiyi nəsə var ki, o biri qadın bunu görmüş və qorxmuşdu. Amma nə? O, Lemini bir də başdan-ayağa süzüb öz-özünə gülümsədi: «Eybi yoxdur, onsuz da gec-tez biləcəyəm». Masanı tərk edəndə Ema xala nahardan qalan hər şeyi – qutabı, pendiri, çörəyi, hətta çörək qırıntılarını yığıb kağıza bükərək çantasına qoydu.
Parkın girəcəyində iki polis nəfərinin onları gözlədiyini görəndə Ema xala çaşıb-qaldı.
– Sizdən şikayət var, – deyə polislərdən biri donquldandı.
Ema xalanın dili topuq çaldı:
– Necə? Nə şikayət?
– Ay arvad, başını aşağı salıb pulunu yığmaq əvəzinə hoqqa çıxarırsan!
Ema xalanın dil-dodağı əsdi:
– Siz ki məni çoxdan tanıyırsız, nə vaxt hoqqa…
– Uzun sözün qısası, bu qızı haradan tapmısan?
– Bacım qızıdır, – o, səsini alçaltdı, – ağıldankəmdir, yanımda hərləyirəm.
– Bizə nağıl danışma, düzünü de görək!
– Vallah, düzünü deyirəm, özündən soruşun.
Polislərin nə istədiyini anlamayan Lemi mat-mat onların üzünə baxır, arabir gülümsəyirdi.
– Polis məntəqəsində hər şeyi aydınlaşdırarıq!
Polislər Ema xala ilə Lemini qabaqlarına salıb yola düzəldilər. Rəngi qaçmış Ema xala hey yalvarırdı:
– Qurban olum, buraxın bizi, kimə neyləmişik ki? Allah mərdimazarın evini yıxsın!
Polislərdən biri Ema xalanın, o biri Leminin qolundan yapışmışdı. Özünə qarşı zorakılıq və təhlükə hiss edən qızcığazın bütün bədəni gərildi. Hansısa bir hiss ona deyirdi ki, bu adamlardan qaçmaq lazımdır. O özünü qorumaq üçün bütün fikrini özü üçün təhlükə hesab elədiyi obyektə – ondan yapışan polis nəfərinə yönəltdi. Qızın gözlərindən çıxan qırmızı qığılcımlardan dəhşətə gələn polis bağıraraq onun qolunu buraxdı. Lemi adamların arası ilə qaçmağa başladı. «Uşaq qaçdı, qoymayın!» – deyə hay-küy salan Ema xala və digər polis onun dalınca düşdülər. Lemi bircə dəfə geri çevrilib qışqıraraq başına döyən Ema xalaya baxdı və sonra elə bir sürət aldı ki, ona daha heç kəs çata bilməzdi. Yoldan ötənlər ona yol verir, sonra isə heyrətlə ardınca baxırdılar…

4. Nənədən də qaçmışam, babadan da qaçmışam…
Lemi dairəvi meydanda ağacların arasındakı skamyalardan birində oturaraq fikrə getmişdi. O, Yer kürəsinə düşəndən bəri ilk dəfə idi ki, öz vəziyyəti haqqında ciddi fikirləşirdi. Yaşadığı planet üçün darıxmağa başlamışdı. Görəsən, orada indi nələr baş verir, Kaan nə edir, onun ardınca gəlmək üçün hazırlıqlar görürmü? Bu proses nə vaxta çəkər? Bəs anası və atası? Yəqin, qızları sarıdan çox narahatdırlar. Görəsən, onlar Lemiyə acıqlanmırlar ki? Onu bir də Kainatın səyahətinə buraxacaqlarmı? Axı Lemi onların tapşırıqlarını dəqiq yerinə yetirə bilməmişdi. O, qolundakı iri saata baxdı. Yalnız vaxtı göstərən əqrəblər hərəkət edirdi, başqa göstəricilər donmuş, susmuş, işıqları sönmüşdü.
Axşam düşdüyündən əl-ayaq yığışmış, küçədə oyan-buyana gedən adamlar seyrəlmişdi. Hər kəs harasa tələsir, dönüb dalanlarda yox olurdu. Bir azdan gecə işləyən bir neçə müəssisə və mağazadan başqa, hər yer bağlandı. Budur, yolun o biri üzündəki iri marketin də işıqları söndü. Lemi başını skamyanın söykənəcəyinə qoyub göyə baxdı, baxdı, yavaş-yavaş gözlərinin yumulduğunu heç hiss eləmədi. Kimsə onun əlindən tutub silkələməsəydi, yəqin ki, qızcığaz səhərə kimi buradaca yatacaqdı. Lemi gözlərini açanda yaşlı bir kişinin skamyada yanında oturduğunu gördü. Kişinin əynində qolsuz kürk, başında papaq vardı.
– A qızım, gecə vaxtı burda tək neyləyirsən? Sənin evin-eşiyin, atan-anan yoxdurmu?
Lemi dikəlib oturaraq nə deyəcəyini götür-qoy etdi. O artıq başa düşmüşdü ki, Yerdəki adamların düşüncə tərzi fərqlidir. Onlarla başqa cür, onların başa düşəcəyi şəkildə danışmaq lazımdır.
– Mənim burda heç kəsim yoxdur, – deyə o, ağır-ağır dilləndi, fikir verdi ki, getdikcə daha yaxşı danışır, sözlərdən daha sərbəst istifadə edir. – Yatmağa yerim də yoxdur.
– Ay yazıq uşaq! – kişi əlini dizinə çırpdı, – bəs indiyə qədər sənə yiyə duran çıxmayıb? Cəmiyyət hara baxır? Elə yalandan bar-bar bağırırlar: insanpərvərlik belə gəldi, uşaq hüquqları belə getdi.


Lemi yavaş-yavaş yuxudan tamam ayıldı. Haradansa musiqi səsi gəlirdi.
– Sizin də mənim kimi eviniz yoxdur? Gecə vaxtı burda neyləyirsiniz?
– O şüşəli marketi görürsən? – yaşlı kişi yolun o biri üzündəki iri mağazanı göstərdi, – mən onun gözətçisiyəm.
– Gözətçi nə deməkdir?
– Yəni nəzarət edirəm ki, pis adamlar mağazaya bir zərər yetirməsin, şüşəni sındırıb içəri girməsin, ərzaq oğurlamasınlar.
Lemi yenə sual vermək istədi, amma fikrini dəyişdi. O istəmirdi ki, yenicə tanış olduğu bu yaşlı kişi də onu «ağıldankəm» hesab eləsin.
– Sənə burada soyuq olar, gedək, baban içəridə sənin üçün yatmağa yer düzəltsin. Sabah səni aparıb uşaq evinə təhvil verərəm.
Lemi sevindi: artıq bu adama necə müraciət edəcəyini bilirdi:
– Çox sağ ol, baba!
Lemi marketin içində gözətçinin yumşaq stulları birləşdirərək onun üçün düzəltdiyi yerdə çox rahat yatdı. Səhər tezdən gözlərini açanda əhvalı daha yaxşı idi. Sıçrayıb yerindən durdu, marketi başdan-başa gəzdi. Taxçalar müxtəlif ərzaq məhsulları – konfet, keks, meyvə quruları, şirələr və s. ilə dolu idi. O, xoşuna gələn şeylərdən götürüb yedi, bəzilərini dişləyib atdı, bir neçə şirəni açıb içdi və bütün bunlar üçün icazə almaq heç onun ağlına da gəlmədi: əgər insan acdırsa, yeməlidir, bunun üçün icazə almaq nəyə lazımdır ki? Sonra o, stullardan birində oturaraq gecə gözətçinin dediklərini yadına saldı. «Uşaq evi… Görəsən, bu, necə yerdir? Mən hələlik orada qala bilərəmmi?»
Qapını zərblə açan gözətçi qızın oyaq olduğunu görüb sevindi:
– Sabahın xeyir, qızım, vaxtında durmusan. Mağazanı təhvil vermək vaxtı çatıb.
– Baba, bəs sən yatmadın?
– Yox, mən iş başında idim.
Gözətçi gün işığında Lemini birinci dəfə görürmüş kimi diqqətlə baxdı. Uşağın əyin-başı, saçları, üzü, xüsusilə gözləri ona qeyri-adi göründü, o, qətiyyən yurdsuz-yuvasız, yiyəsiz uşağa – dilənçiyə oxşamırdı. Mağazanı xadimə qadına təhvil verəndən sonra onlar yola düzəldilər.
– Baba, hara gedirik?
Kişi fikirli görünürdü:
– Deyirəm, əvvəl yaxınlıqdakı polis məntəqəsinə gedək, görək onlar nə deyəcəklər.
Lemi dayandı:
– Yox, ora istəmirəm. Polis məntəqəsinə getməyək.
Qızın bu tərsliyini başa düşməyən kişi onu dilə tutmağa çalışsa da, bir şey çıxmadı.
– Yaxşı, bir halda ki ora istəmirsən, onda birbaşa uşaq evinə gedək.
Lemi uşaq evi haqqında sual verməyə başladı. Kişi izah etdi:
– Orda sənin kimi uşaqlar yaşayırlar. Yatmağa yerin, gündə üç dəfə pulsuz yeməyin olacaq. Üstəlik, məktəbə də gedəcəksən. Müəllimlər sizə dərs keçəcək, həkimlər sağlamlığınıza nəzarət edəcək, tərbiyəçilər məişətinizi təşkil eləyəcəklər. Sənin böyük ailən olacaq.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289562) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Yaşıl gözlü qız Reyhan Yusifqızı
Yaşıl gözlü qız

Reyhan Yusifqızı

Тип: электронная книга

Жанр: Современная зарубежная литература

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Yaşıl gözlü qız, электронная книга автора Reyhan Yusifqızı на азербайджанском языке, в жанре современная зарубежная литература

  • Добавить отзыв