Aysu

Aysu
Reyhan Yusifqızı
Müasir Azərbaycan ədəbiyyatı
Bu kitab Aysu adlı qızın və onun dostlarının qeyri-adi macəralarından bəhs edir. Əsəri oxuduqca həmin macəralar sizi də ovsunlayacaq.

Reyhan Yusifqızı
AYSU

Nənə və nəvə
Yer üzərində qoca nənəsi ilə birlikdə Aysu adlı bir qız yaşayırdı. Onun səkkiz yaşı vardı. Atası hərbçi idi, həmişə səfərdə olardı. Anasını erkən itirmiş Aysunu atası uşaq evinə vermək məcburiyyətində qalmış, ancaq nənəsi razı olmamış, “nə qədər ki mən sağam, mənimlə yaşayacaq”,– demişdi. Düzdür, sonralar nənə dəfələrlə buna peşman olmuşdu, çünki Aysu çox dəcəl idi və heç də həmişə onun sözünə baxmırdı. Amma nənə onu çox istəyirdi. Elə Aysu da nənəsini az istəmirdi. Öz-özünə danışa-danışa gəzişən nənəsinə baxıb bəzən bərkdən gülür, bəzən də qüssələnirdi. Nənə kiminsə adını yadına salmaq istədikdə, Aysu var qüvvəsi ilə ona “kömək” edir, bütün bildiyi adları bir-bir sadalayırdı. Çəliyini əlindən yerə qoymayan nənənin başına hərdən qəribə işlər gəlirdi: çəlik itib yox olurdu və Aysu bic-bic gülə-gülə onu “tapıb” gətirəndə, nənə əvvəl nəvəsinə dua edir, sonra isə çəliklə yumşaq yerinə bir-iki dəfə vururdu. Beləliklə, onlar çox mehriban yaşayır, darıxmırdılar.
Aysugilin daşdan tikilmiş köhnə evləri dənizin lap kənarında yerləşirdi. Evin içində iki otaq vardı: yataq otağı və yemək otağı. Otaqlardakı əşyaların, demək olar ki, hamısı: güzgülü kamod, ağır stol və stullar, dəmir çarpayılar və iri sandıq qədimdən qalma idi. Otaqların qarşısındakı artırmanın bir tərəfində mətbəx, digər tərəfində vanna otağı yerləşirdi. Evin bu, nisbətən təzə hissəsini Aysunun atası tikdirmişdi. Çardağı da sahmana salıb üstünü düzəltdirmişdi ki, qarlı-yağışlı günlərdə içəri su dammasın.
Aysu hərdən sahildə dayanıb uzun-uzadı dənizə baxır, sanki onunla səssizcə söhbət edirdi. Külək onun boynunun ardından qısa vurulmuş qara saçlarını yelləyir, qaraşın dərisini sığallayırdı. Küləyin bu nəvazişi onun çox xoşuna gəlirdi. Qızcığazın çox yaraşıqlı üzü, xırdaca burnu, çiyələk kimi qıpqırmızı dodaqları və qapqara iri gözləri vardı. Onun ağlına təzə fikir gələndə və ya sevinəndə gözlərinin parıltısı artırdı. Pərt olanda isə parıltı azalır və ya tamam sönürdü.
İyunun əvvəlləri idi. Yay tətilinin başlanması ilə əlaqədar ətrafdakı bağ evlərində bir canlanma hiss olunurdu. Şəhərin tozundan qaçmaq, səs-küyündən dincəlmək istəyən adamlar bağlara köçürdülər. Bütün qışı boş qalmış, sükut içində darıxan evlər öz sakinlərini sevinclə qəbul edirdi. Bu evlərin sanki görkəmi də dəyişir, başları dikəlir, gözlərinə işıq gəlirdi.
Aysu da sevinirdi. Ətrafda insanların, xüsusilə uşaqların çox olması, səs-küyü, gülüşü ona ləzzət verirdi. Evin damına qalxıb saatlarla çimərliyə baxmağı, orada istirahət edən adamları müşahidə etməyi Aysu maraqlı məşğuliyyət sayırdı.


Bir gün günortadan sonra o, yenə dama qalxaraq ətrafa baxırdı. Şəhərdən uzanıb gələn geniş asfalt yolla iri bir yük maşınının irəlilədiyini görən Aysu onu izləyərək, hansı evə dönəcəyini tapmağa çalışırdı. Qəribədir, maşın heç yerə dönmür, Aysunun barmağını tuşladığı evlərdən bir-bir yan keçir və onların köhnə evlərinə yaxınlaşırdı. Aysunun gözləri böyüdü, ürəyi bərk-bərk döyündü, oturduğu yerdən dikəlib ayağa durdu. Bir dəqiqədən sonra artıq hər şey aydın oldu: maşın Aysugilin bağına bitişik, təzəcə təmirdən çıxmış qəşəng bağ evinin həyətinə döndü. Aysu yalnız bu zaman həyətdə dayanmış par-par parıldayan tünd göy avtomobili və arxa oturacaqdan sıçrayıb düşən iki uşağı gördü. Onlardan nisbətən böyüyü oğlan, digəri isə qız idi. Hər ikisi çox qəşəng, səliqəli geyinmişdi. Qızın sanki gün görməmiş dərisi ağappaq idi, əynində qırmızı don, saçlarında qırmızı kəpənəkli saçtutan vardı. Oğlan əllərini cins şortunun ciblərinə salıb nəsə danışırdı. Aysu onun səsini eşidir, ancaq nə dediyini ayırd edə bilmirdi. O, damın küncünə keçib bütün diqqətini qonşu bağa yönəltdi. Bu an qırmızı donlu qız başını qaldırıb yuxarı baxdı və Aysunu gördü. Aysu əllərini damın lap qırağına söykəyərək, qabağa elə əyilmişdi ki, dirsəkləri başından yuxarıda qalmışdı. Qara saçları qulaqlarının ardından çıxıb aşağı sallanaraq üzünü örtmüşdü. Topa-topa saçların arasından parlaq iri gözlər tez-tez qırpılaraq baxırdı. Qızcığaz bu “əcaib məxluq”dan qorxub qışqırdı və oğlanın arxasında gizləndi. Aysu da diksindi. Müvazinətini saxlaya bilməyib, damın üstündən üzüüstə yerə gəldi. Oğlanın arxasından boylanan qız bir də damın üstünə baxanda heç nə görmədi və kiməsə bir şey izah edə bilməyəcəyini başa düşüb, əllərini yellədi.
Aysu bardaş qurub, qumun üstündə oturmuşdu. Əzilən dizini əlləri ilə ovxalayır, pərt halda mızıldanaraq özünü söyürdü: “Görməmiş! Nə olsun, köçüblər də! Elə bil adam-zad görməmisən!” Nəhayət, o, ayağa qalxıb, üst-başının qumunu çırpdı və axsaya-axsaya evə girdi.

İlk tanışlıq
Günorta idi. Aysu yuxudan durandan fikri qonşu bağda qalmışdı. O, dünənki səhvini düzəltmək, özü haqqında qonşu qızda yaxşı təəssürat yaratmaq üçün planlar cızır, ora-bura gəzinərək öz-özünə danışır, yumruğu ilə başını döyəcləyirdi. Əlindəki təsbehi cüt-cüt çevirərək ona göz qoyan nənəsi, nəhayət, dözməyib dilləndi:
– Yenə nə öz-özünə danışırsan, ay qız?
– Sənə oxşamışam da, nənə!
– Mənim doxsan yaşım var, amma sən hələ uşaqsan, ay siyilcim.
Aysu özündən çıxdı:
– Nənə, bir də mənə siyilcim desən.., bir də desən, evdən qaçacağam! Elə təkcə qal!
Nənə nəvəsini yaxşı tanıdığından, ciddi şəkildə qorxdu.
– Yox-yox, elə eləmə, qurban olum. Bir də demərəm.
Aysunun o saat ürəyi yumşaldı, boş yerə nənəsini qorxutduğuna peşman oldu. Onun boynuna sarılıb üz-gözündən öpdü.
– Can nənə, təzə qonşularımızı tanıyırsan?
– Yox, bala. O evin köhnə sakinlərini tanıyırdım, onlar da Bilqeyis arvad öləndən sonra satdılar evi.
Nənənin çökəyə düşmüş sönük gözləri yol çəkdi:
– Mənim də vaxtım çoxdan çatıb, sənə görə qalmışam. Deyəsən, səndən nigaran gedəcəyəm o dünyaya…
Aysu yenə özündən çıxdı:
– Xeyr, elə şey yoxdur. Mən səni o dünyaya-zada qoymaram.
– Əzrayıl gələndən sonra nə edəcəksən ki?
Aysu cumub, nənəsinin çəliyini götürdü, qılınc kimi sola-sağa oynatdı:
– Əzrayıla bir toy tutaram ki, adı da yadından çıxar.
Nənə güldü. Quru və titrək barmaqları ilə nəvəsinin saçlarını sığalladı:
– Sənə qurban, ay Aysu, çörəyimiz qurtarıb, get al.
Aysu qapıya tərəf yollandı. O, nənəsinin hər bir tapşırığını cəld və sözsüz yerinə yetirməyə alışmışdı, çünki bilirdi ki, bu işləri ondan başqa görən olmayacaq. Qapıdan çıxanda, divardakı mismardan asılmış gün papağını saymazyana götürüb başına keçirtdi.
Bağların arasından keçən qumsal yolla yavaş-yavaş gedən Aysu birdən maşın mühərrikinin səsini eşidib başını qaldırdı. Dünəndən bəri onu maraqlandıran bağın darvazası açıq idi, uşaqlar darvazanın yanında durmuşdular. Qızın qucağında balaca ağ pişik vardı. Bir əli ilə darvazanın qapısını tutan oğlan o biri əli ilə kiməsə işarə verirdi. İçəridən tünd göy rəngli maşın çıxıb şəhərə tərəf yollandı. Uşaqlar onun arxasınca əl elədilər. Oğlan darvazanı cırıldada-cırıldada bağladıqdan sonra hər ikisi çevrilib Aysuya tərəf baxdı. Aysu isə… Aysu başını xoruz kimi dik tutaraq, gülməli bir təkəbbürlə, heç kimə baxmadan onların arasından keçib getdi. O yeridikcə, ayaqlarını yerə bərk-bərk vurur, rezin çəkələklərinin dabanından qopan qum arxaya və yuxarı sıçrayaraq hər tərəfə səpələnirdi. Başını boynuna qısan qız qucağındakı pişik balasını özünə sıxaraq, onu bu qum selindən qorumağa çalışdı. Uşaqlar təəccüblə bir-birinə baxandan sonra hər ikisi birdən üst-başının qumunu çırpmağa başladı. Oğlan Aysunun arxasınca baxıb mızıldandı: “Hm, qəribə qızdır”.
Aysu sonra ha fikirləşdisə, özünü nə üçün belə apardığını başa düşmədi. Axşam o, özünə söz verdi ki, daha bir də bu uşaqlarla maraqlanmayacaq…
* * *
İki gün keçdi. Qonşu bağda hay-küy azalmışdı. Deyəsən, onlar yerbəyer olmuş, indi də təmiz dəniz havasını udaraq dincəlirdilər. Aysu səhər tezdən durmuşdu. Nənəsini hirsləndirməmək üçün bir-iki qurtum çay içib, əlinə yağ yaxması alaraq evdən çıxdı və dəniz kənarına yollandı. Sərin meh əsir, dəniz qoxuyan təmiz hava onun ciyərlərinə dolurdu, amma onun fikri başqa yerdə idi. Aysu dəniz kənarında o yan-bu yana gəzinib, narın qumu olan bir yer seçərək dayandı. Əlləri ilə qumun üst qatını kənara çəkib qazmaga başladı…
Aysu həvəslə işləyirdi. O, qumu bir yerə yığır, onu bərkidərək ucu şiş dik təpəciklər düzəldir, sonra ehmalca onların altını, yanlarını qazıb, qapı, pəncərə, yeraltı yollar düzəldirdi. Üzünə tökülən qara saçlarını hərdən əli ilə yana çəkdiyindən, üz-gözü, saçı da quma batmışdı, üst-başından isə heç danışmağa dəyməzdi. Ancaq o, buna fikir vermir, narın, yaş qumdan düzəltdiyi müxtəlif fiqurlara, qəsrlərə baxaraq sevinirdi. Başı qarışdığından ətrafına fikir verməyən Aysu birdən qarşısında yüngül yay ayaqqabıları geymiş iki balaca ayaq gördü. O diksinib geri oturaraq başını qaldırdı və bu ayaqların sahibinə baxdı. Qonşu qız ağzını ayırıb, heyranlıqla onun düzəltdiyi fiqurlara baxırdı:
– Nə gözəldir! Nə qəşəngdir! Lap nağıllardakı kimidir.
Aysu əvvəlcə qürrələndi, sonra qızın nidalarından bezib başını qaşıdı:
– Belə də, pis alınmayıb.
O yalnız indi bir qədər aralıda qumun içində eşələnən oğlanı gördü. Oğlan velosipedini yoldan çıxararaq, qumsallıqla onlara tərəf gəlməyə çalışırdı. Amma velosipedin iri təkərləri quma elə batmışdı ki, heç cür hərəkət etmək istəmirdi. Pörtüb əldən düşən oğlan velosipedi elə oradaca atıb, tövşüyə-tövşüyə onların yanına gəldi. Aysu gözlərini yuxarı zilləyib, onun təriflərinə də birtəhər qulaq asdı – o, təriflənməyi heç xoşlamırdı. Uşaqların öz aralarında danışığından öyrəndi ki, qızın adı Leyla, oğlanınkı isə Fəriddir. Nəhayət, xorla danışan uşaqların sözünü kəsib bərkdən dedi:
– Mənim adım Aysudur!
Uşaqlar səslərini kəsib ona baxdılar. Qız yüngülcə təzim etdi, özünün də, qardaşının da adını dedi. Onlar əyilib Aysunun düzəltdiyi yeraltı yolları nəzərdən keçirməyə başladılar. Üst-başlarının quma batmasına daha fikir vermirdilər. Qız hey soruşurdu:
– Axı sən bunları necə düzəltmisən?
– Qolunu bura qoy, – deyə Aysu onun qolunun üstünə xeyli qum töküb təpəcik düzəltdi, – indi qolunu ehmalca çıxart. Elə et ki, təpəcik dağılmasın.
Leyla nə qədər çalışsa da, tapşırığı düzgün yerinə yetirə bilmədi. Təpəcik əvvəl çat verdi, sonra dağılıb ətrafa səpələndi. Fərid güldü:
– Əla düzəltdin! Gözəl alındı!
Pərt olmuş Leyla qolunun üstündə qalan qumu qəsdən onun ayağına tökdü. Uşaqlar bir-birini o ki var qumladılar, sonra bir-birinə baxıb xeyli güldülər. Gün qalxanda qaçmaqdan və qışqırmaqdan yorulmuş uşaqların yadına evə getmək düşdü. Onlar ayaqlarını sürüyə-sürüyə velosipedin yanına gəldilər.
– Bunu yola çıxara bilməyəcəyəm, – deyə Fərid mızıldandı, – burada qalsın, atama deyərəm, gəlib götürər.
Aysu onu kənara itələyib, velosipedi ikiəlli yerdən götürdü. Az qala başının üstünə qaldırıb, yola tərəf getməyə başladı. Leyla təəccübdən gözlərini döyən Fəridin üstünə qışqırdı:
– Nə durmusan, kömək elə də!


Uşaqlar hərəsi bir yandan velosipeddən yapışıb asfalta çıxartdılar. Sürə-sürə bağlara tərəf yollandılar…

Tısbağa əhvalatı
Bir gün keçdi. Uşaqlar görünmürdülər, qonşu bağda sakitlik idi. Aysu ora-bura vurnuxur, darıxırdı. Çardağa qalxdı, sonra quyudan su gətirdi, pişiyə yemək verdi, həyəti süpürdü. Axır ki, dözə bilməyərək hasara dırmaşıb qonşu bağa baxmaq qərarına gəldi. Pişik cəldliyi ilə həyətin küncündəki tut ağacına dırmaşıb oradan hasara adladı.
Bu, çox səliqəli və qəşəng bir həyət idi. Bir neçə yerdə xırda daşlarla əhatə olunmuş dairəvi gül ləkləri vardı. Həyətin o başında dördkünc çarhovuz görünürdü. Leyla həyətin ortasındakı söyüd ağacının kölgəsində qoyulmuş ağ stolun arxasında kürsüdə oturub kitab oxuyurdu. Başqa heç kimin gözə dəymədiyini yəqin edən Aysu astadan fit çaldı. Qız başını qaldırıb ora-bura baxdı. Təkrar fit çalan Aysunu görcək, sevincək hasarın yanına qaçdı:
– Bizi cəzalandırıblar, – o, pıçıltı ilə izah etdi. – Dəniz qırağına icazəsiz gedib, orada ləngidiyimizə görə. Anam hələ də özünə gəlməyib.
Eyvanda Fərid göründü. Bacısı onu him-cimlə yanına çağırdı. Uşaqlar mehribancasına bir xeyli söhbət etdilər. Aysu onlara tısbağa gətirməyi söz verdi. Eyvandan səs gəldi.
– Anamdır, gizlən, – Leyla anasının fikrini yayındırmaq üçün əllərini arxasına qoyub, mahnı oxuya-oxuya evə tərəf getdi. Aysu hasarın üstünə yatdı. Yüngül idman forması geymiş qısa saçlı, xoş sifətli gənc qadın uşaqları evə çağırdı. Onlar gizlincə Aysuya əl eləyib içəri keçdilər.
Ertəsi gün Aysu əlində iri bir tısbağa, yenə hasarın üstünə dırmaşdı.
Həyəti başdan ayağa gözdən keçirdi. Bir-iki dəfə fit çaldı. Heç kəsi görməyincə, geri düşmək istəyəndə, hasarın lap dibində dayanıb heyrətlə ona baxan gənc qadını görüb çaşqınlıq içində qaldı.
– Ay bala, ora niyə çıxmısan? Demirsən, yıxılarsan?!
Aysu pərt halda, dili topuq çala-çala əlindəki tısbağanı göstərdi:
– Bunu uşaqlara göstərmək… vermək istəyirdim.
– Qapımız o tərəfdəndir. Düş, qapıdan gəl.
…Aysu tısbağası ilə birlikdə qapıdan içəri keçib ədəb-ərkanla salam verdi. Uşaqlar evdən çıxıb onun yanına qaçdılar. Onlar sevincdən atılıb düşür, Aysunun o yan-bu yanına keçirdilər. Əlləri qoynunda dayanıb baxan ana gülürdü:
– Sizin burada artıq dostlarınız da var ki!
Tısbağanı yerə buraxıb, ətrafında hərləndilər. Leyla ona ad da fikirləşdi:
“Dori”. Ana da uşaqlarla bir yerdə əyləndi, tısbağalar haqqında onlara maraqlı şeylər danışdı. Dedi ki, tısbağaların 65 milyon il bundan əvvəl ölüb getmiş dinozavrlarla qohumluğu var. Tısbağanın ömrü 200–300 ilə çata bilər. Hazırda elmə onların 280 növü məlumdur. Yazıq Dorini arxası üstə çevirib diqqətlə nəzərdən keçirdilər və onun yaşını öyrənməyə çalışdılar. Leyla tısbağanın çabalamasına dözə bilmir, onu rahat buraxmağı xahiş edirdi. Aysunu yola salanda ana dedi:
– Bizə nə vaxt istəsən, gəl. Ancaq qapıdan gəl.

Aysunun şorbası
Günorta idi. Gün qalxmış, hava lap istiləşmişdi. Aysu əlində iri zənbil bazardan qayıdırdı. Nənəsinin tapşırdığı hər bir şeyi alıb-almadığını götür-qoy edir, öz-özünə danışırdı. Qapıdan içəri girəndə qonşu uşaqları öz həyətlərində nənəsi ilə söhbət edən gördü. Nənəsi onu görcək qımışdı:
– Nə yaxşı dostların var, ay Aysu. Yəqin, indi onları çardaqda düzəltdiyin otağına aparacaqsan.
Aysu bir neçə saniyə fikirləşib tez qərarını verdi:
– Xeyr, nənə, səhv edirsən. Ora başqa vaxt qalxarıq. İndi mən şorba bişirəcəyəm.
Uşaqlar bir-birinə baxdılar:
– Nə şorba?
– Biz sənə kömək etsək, necə olar?
– Lap əla! Getdik.
Onlar artırmanın baş tərəfində yerləşən mətbəxə getdilər. Əllərini yuyub işə başladılar. Aysu zənbili bir küncə qoyub içini boşaltdı. Şorba üçün lazım olan ərzağı masanın üstünə düzdü. İri mis qazanı plitənin üstünə qoyub içinə yağ tökdülər. Əvvəl soğanı nazik-nazik doğrayıb yağda azca qovurdular, sonra bir neçə bibər, pomidor əlavə etdilər.Taxta qaşıqla qazanı tez-tez qarışdırmaq Fəridə tapşırılmışdı. Leyla kartofu çox səliqə ilə, amma yavaş-yavaş soydu, göyərtini təmizlədi. O, hərdən təkrar edirdi: “Şorba bişirmək nə maraqlı iş imiş!” Ən çətin işləri Aysu özü görürdü. Qazana su tökdükdən sonra duz, istiot, kartof, kök, alça, yarım stəkan düyü və dəfnə yarpağı əlavə etdilər. Axırda da keşniş, şüyüd, cəfəri və ətirli göylər: reyhan, nanə doğrayıb tökdülər. Şorba qaynadıqca, onun ləzzətli iyi hər tərəfə yayılırdı. Nənə həyətdəki stola süfrə saldı, çörək qoydu. Sonra uşaqlara sərbəstlik vermək üçün əl ağacına söykənə-söykənə gedib, həyətin o başındakı çarpayının üstündə uzandı. Nəhayət, Aysu kartof və düyünün yaxşı bişdiyinə əmin olandan sonra təntənəli şəkildə elan etdi: “Şorba hazırdır!” Yeməyi çömçə ilə dərin boşqablara çəkib, süfrə arxasına əyləşdilər. Bir qədər soyumasını səbirsizliklə gözləyib ləzzətlə yeməyə başladılar. Bir azdan qıpqırmızı qızarmış Leyla uşaqların üzünə baxdı:
– Deyəsən, bir az acıdır.
– Hə, yəqin, bibər acı imiş, – deyə Aysu təsdiq etdi.
– Orqanizmimizi yaxşı dezinfeksiya edir, yeyin, – Fərid yekə-yekə danışdı. O, son vaxtlar özü də hiss etmədən, atasının sözlərini təkrarlayır, gələcəkdə özünü onun kimi həkim-cərrah təsəvvür edirdi. Aysu bu sözlərin mənasını başa düşməsə də, bir şey soruşmadı.
Bibərin acılığı getdikcə daha çox hiss olunurdu. Ağızları yandıqca pörtüb qızaran uşaqlar tez-tez “hoo” eləyir, bir-birinə baxıb gülüşürdülər. Onlar gözləri yaşarmış, pörtmüş halda şorbanı yeyib qurtardılar. Yalnız bu zaman pişiyin yazıq-yazıq miyoldayaraq, bir küncdə dayanıb onlara baxdığına fikir verdilər. Aysu bir tərəfi əzilmiş dəmir qabda ona bir az şorba tökdü. Pişiyin acgözlüklə yeməsinə baxıb əyləndilər. Bir azdan Leyla qardaşının yadına saldı: “Anam narahat qalar”. Uşaqları yola salandan sonra Aysu boşqabları iç-içə yığıb yumağa apardı…

Sirli otaq
Saat on ikiyə az qalırdı. Yuxudan durandan çardaqda eşələnən Aysu nənəsinə tapşırmışdı ki, həyətə çıxmasın, evdə otursun. O, yuxarıdakı otağını yığışdırmaq, qonaq qəbul etməyə hazır vəziyyətə gətirmək qərarına gəlmişdi. Çardağın pəncərələrindən həyətə taxta, karton, sınıq stul, kəndir, təkər və s. lazımsız əşyalar atılır, həyət zir-zibillə dolurdu. Nənə dözə bilməyib, başını qapıdan çıxararaq qışqırdı:
– Ay qız, həyəti gör nə günə qoydun! Yenə sənin beyninə nə dolub?
Pəncərədən Aysunun pırpız başı göründü:
– Nənə, həyətə çıxma ha! Zibilin altında qalarsan!
– Axı niyə həyəti bu günə qoyursan?
– İndi düşüb özüm yığışdıracağam, – deyə Aysunun təngnəfəs səsi eşidildi.
Nənə əllərini dizinə vurdu:
– Rəhmətlik anası kimi tərsdir. Başına bir şey doldumu, qurtardı. Torpağı sanı yaşasın. Heyif, yuxarı dırmaşa bilmirəm, baxardım bir orada neyləyir.
Bir azdan çardaqda tappıltı kəsildi. Nənə şübhə ilə qulağını şəklədi. Mətbəxin qapısının çırpıldığını eşidincə əl ağacına söykənərək yerindən qalxıb yataq otağından çıxdı və mətbəxə getdi. Heç kəs gözünə dəymədi, sakitlik idi. Nəvəsinin xasiyyətinə yaxşı bələd olan nənə tez yataq otağına dönəndə, Aysunun sandığın üstündəki kilimlərdən birini qoltuğuna vurub, çardağa söykədilmiş nərdivana tərəf apardığını gördü. Nənə kilimin bir ucundan yapışıb dartdı:
– Ay kələkbaz, qaytar yerinə! Tez ol!
Aysu nənəsinin fikrinin qəti olduğunu başa düşdüyündən, onun qılığına girməyi qərara aldı:
– Can nənə, yuxarıdakı otağı elə yaxşı düzəltmişəm ki. Qonaqlarım olacaq, orada oynayacağıq. Nə olar, kilimi ver də! Qurban olum, nənə!
Bu sözlərin qarşısında aciz qalan qarının ürəyi mum kimi yumşaldı. Əllərini yanına salıb, nəvəsinə güzəştə getməli oldu. Öz-özünə danışdı: “Götürsün də, neynirəm, goruma aparmayacağam ki”.
Aysu söz verdiyi kimi həyəti də yığışdırdı, sulayıb tərtəmiz süpürdü, zibili yığıb yandırdı. O, dəsmalını götürüb hamama girəndə artıq hava qaralırdı. Nənəsi narahatlıqla soruşdu:
– Ay Aysu, axşam düşür, qonaqların gəlmədi axı.
– Nənə, onlar bu gün evdə yoxdurlar, qonaq gediblər, yəqin, sabah gələrlər. Can nənə, otağım elə yaxşı oldu ki. Gəl səni qaldırım, bax.
– Sən istəyirsən ki, mən bu nərdivandan yıxılım ölüm?!
– Niyə yıxılırsan ki? Mən sənə kömək edəcəyəm.
– Qoy oturmuşam, sən canın. Sonra deyərlər nədən öldü? Nərdivandan yıxıldı öldü. Qocanın nərdivanda nə işi var?! Bu yaşımda biabır olaram.
Sabahı gün səhər, hələ səhər yeməyindən sonra stolun üstü yığışdırılmamış, Aysugilin həyət qapısı cırıldayıb açıldı. Qapının arasından bir-birinin üstündə iki baş göründü. Aysu gülə-gülə onları içəri dəvət etdi. Qızın əlində üstünə kağız salfet salınmış boşqab vardı.
– Sənə tort gətirmişik, – deyə o, boşqabı Aysuya uzatdı. Bu qayğıdan mütəəssir olan Aysu təşəkkür etməyi belə unudaraq, boşqabı alıb, stolun üstünə qoydu və tortdan iri bir hissə kəsərək ağzına dürtüşdürdü. Uşaqlar ikisi də ağzını ayırıb ona baxırdı. Aysu ağzındakını çeynəyib udandan sonra başını tərpətdi:
– Çox dadlıdır, sağ olun.
O, boşqabları iri mis siniyə yığıb mətbəxə apardı. Uşaqlar bir az gözlədilər, amma Aysu görünmədi. Onlar darıxmağa başladılar. Birdən yuxarıdan Aysunun səsi eşidildi:
– Qalxın çardağa, buradayam!
Çardağın pəncərəsindən Aysunun başı göründü və tez də yox oldu. Uşaqlar haraya gedəcəklərini bilmədilər. Artırmaya daxil olub düz çardağa qalxan uzun nərdivanın yanına gəldilər. Tərəddüdlə yuxarı baxdılar.
– Səncə, oraya başqa yol yoxdur? – deyə Fərid pıçıltı ilə soruşdu.


– Başqa yol yoxdur, qalxın yuxarı, – Aysunun cingiltili səsi eşidildi.
Uşaqlar ehtiyatla qalxmağa başladılar. Fərid qabağa düşdü. O, hər dəfə ayağının altını yoxlayır, nərdivan silkələnəndə isə dayanır, yavaş hərəkət etməyə çalışırdı. Leyla onun arxasınca qalxırdı. Birdən Fərid dayandı, diqqətlə nəyəsə qulaq asdı:
– Eşitdin?
– Nəyi? – Leyla çiyinlərini çəkdi.
Xorultuya oxşar bir səs eşidildi. Uşaqlar bir-birinə baxdılar. Səs bir az da artdı. Fərid pıçıldadı:
– Bəlkə geri qayıdaq?
Leyla cavab verməyə macal tapmamış Aysunun cingiltili səsi yenə də eşidildi:
– Gəlin! Buradayam!
Uşaqlar cəsarətlənib yuxarı qalxdılar. Fərid bacısına kömək etdi. Çardaq böyük və boş idi. Sağ tərəfdə üst-üstə yığılmış yeşiklərdən başqa heç nə gözə dəymirdi. Uşaqlar yavaş-yavaş yeşiklərə tərəf getməyə başladılar. Onlar əl-ələ tutmuşdular, heç nə danışmırdılar. Birdən… yeşiklərin arxasından ağ-qara bir pişik çıxıb onların qarşısına tullandı. Uşaqlar qışqırıb geri çəkildilər. Aysunun səsi eşidildi; o, pişiyi söyüb yamanlayırdı. Uşaqlar ona yaxınlaşınca yeşiklərin arxasında maraqlı bir otaq aşkar etdilər. Qədimdən qalma iki həsir kürsünün arasına üstündə qırmızı örtük olan alçaq bir kətil qoyulmuşdu. Kətilin üstündə bir qab alça vardı. Hər iki tərəfdə taxtalardan düzəldilmiş taxçalar divarları əvəz edirdi. Ortaya kilim salınmışdı. Taxtadan yonulmuş, balıqqulağılardan yapışdırılıb düzəldilmiş cürbəcür fiqurlar taxçaları bəzəyirdi. Uşaqlar onların hər birinə diqqətlə baxdılar. Taxtadan yonulmuş çərçivəsi xırda balıqqulağılarla bəzədilmiş fotoşəkil onların diqqətini xüsusilə cəlb etdi. Balaca Aysu anası və hərbi geyimli atası ilə olan şəkildə çox xoşbəxt və qayğısız görünürdü. İri bir balıqqulağının içinə Aysunun nənəsi ilə olan şəkli yerləşdirilmişdi. Sol tərəfdəki taxçada bir neçə yumşaq oyuncaq, iri bir gəlincik, şəkilli kitablar, domino, kart və loto vardı. Pəncərədən bütün həyət, bağların arasından uzanıb gələn yol, qonşu həyətin bir hissəsi və evin üst qatının pəncərələri görünürdü. Fəridin ağlına bir fikir gəldi. Qərara aldılar ki, bir fövqəladə hadisə baş versə və Aysu onları çağırmaq istəsə, kətilin üstündəki qırmızı örtüyü bu pəncərədən asacaq, uşaqlar da onu görüb, tez özlərini yetirəcəklər. Yerdə oturub kart, domino oynadılar. Aysu tez-tez cığallıq edir, mübahisə etməyə başlayırdı. Amma uşaqların gözündən heç nə yayınmır, Aysunun bütün kələklərinin üstünü açırdılar. Vaxtın necə keçdiyini heç hiss etmədilər. Nəhayət, Leyla könülsüz ayağa qalxıb, Fəridə işarə etdi ki, getmək vaxtı çatıb. Onlar nərdivana tərəf yönəlmişdilər ki, həmin xorultu səsi daha bərkdən və uzun-uzadı eşidildi. Uşaqlar bir-birinə qısılıb sual dolu nəzərlərlə Aysuya baxdılar. Aysu bərkdən güldü:
– Göyərçinlərdir. Neçə ildir bizim damda məskən salıblar. Özləri qəşəng olsalar da, səsləri əcaibdir.
Fərid pərt oldu. Göyərçinlərdən qorxmaq lap axmaqlıq idi. Leyla vəziyyətdən tez çıxdı: “Sabah gələndə onları da bizə göstərərsən”, – dedi.

Qonşu bağda
İki gün keçdi. Uşaqlar nahardan sonra gəlib axşama kimi çardaqda oynadılar. Onlar Aysunun otağına təzə əşyalar gətirmiş, otağı bir az da bəzəmişdilər. Üçüncü gün Aysu yenə günortaya qədər evdəki işlərini gördü, paltarlarını yuyub sərdi, nahardan sonra uşaqları gözləməyə başladı. Amma onlar nədənsə ləngiyirdilər. Fikrindən keçdi ki, hasara dırmaşıb baxsın, ancaq uşaqların anasına söz verdiyini yadına salıb fikrindən daşındı. Bir azdan qapıda Fərid göründü:
– Anam dedi ki, bu gün bizdə oynayın. Leyla səni gözləyir.
Aysu bu gözlənilməz təklifdən çaşdı.
– Sən get, mən bir azdan gələrəm.
Aysu o yan-bu yana gəzinərək başını qaşıdı. Qonşu bağın səliqə-sahmanını, dairəvi gül ləklərini yadına saldı, nədənsə, özünü ora yaraşdırmadı. Yataq otağına keçib kamodu açdı, atasının keçən dəfə gələndə gətirdiyi çəhrayı güllü çit paltarı çıxarıb geyindi. Saçlarını yana darayıb, bir tərəfdən qulağının üstündə sancaqladı. Güzgüyə baxıb özündən razı halda otaqdan çıxdı. Həyət qapısından çıxanda nə yadına düşdüsə, ayağındakı köhnə çəkələklərə baxdı, qayıdıb onları da dəyişdi. Nənəsi ona baxıb qımışır, amma bir söz demirdi.
Uşaqlar Aysudakı bu dəyişikliyi o saat hiss etdilər. Uşaq sadəlövhlüyü və səmimiyyəti ilə bütün fikirləşdiklərini söyləyərək, onun zövqünü bəyəndiklərini bildirdilər. Xüsusilə Leyla geyim və saç düzümü məsələlərində özünü bilən saydığından hamıdan çox danışırdı. Onlar pillələrlə ikinci mərtəbəyə qalxıb evin uşaq otağına getdilər. Çox da böyük olmayan bu otaqda hər şey təzə və qəşəng idi. Göy örtüklü iki çarpayı, onların yanında üstündə gecə lampası olan iki balaca kamod, divar boyu düzülmüş irili-xırdalı bir neçə şkaf, onların üstündəki əşyalar, oyuncaqlar, divarda şəkillər və başqa nə varsa, hamısı Aysunun xoşuna gəldi.
Leyla ilə Aysu bağı dolaşıb çarhovuzun qırağında oturdular. Fərid gül ləklərinin arası ilə velosiped sürürdü. Onlardan bir az aralıda, çarhovuzun yanında Dori özünü günə verirdi. Deyəsən, təzə yurdu tısbağanın xoşuna gəlmişdi. Onun üstünə bir az su çilədilər ki, sərinləsin.
– Ana, olar hovuzda çimək? – Leyla qışqıraraq anasından icazə istədi.
– Qızım, hava bir az sərindir, soyuqlayarsınız.
Leyla mübahisə etmədi. Qızlar ayaqlarını suya sallamaqla kifayətləndilər.
Bir azdan ana onları şam yeməyinə çağırdı. Həyətdəki ağ masanın arxasında oturdular. Masanın üstündə kahı salatı, dərin qabda qarabaşaq, kotlet, pomidor, xiyar, holland pendiri, naringi şirəsi və alma piroqu vardı. Hər kəsin qarşısına iç-içə iki boşqab, stəkan, kağız salfet, qaşıq, çəngəl və bıçaq qoyulmuşdu. Aysu özünü itirdi; o, nədən başlamalı olduğunu bilmir, stol arxasında özünü düzgün aparmayacağından ehtiyat edirdi. O, uşaqların nədən və necə istifadə etdiyinə fikir verməyə başladı. Uşaqlar bir-biri ilə söhbət edərək, yeməklərini çox sərbəst yeyirdilər. Hər dəfə şirə içməzdən əvvəl salfetlə əllərini və ağızlarını silirdilər. Salatı yeyəndən sonra üstdəki boşqabları yığdılar. Kotleti çəngəllə götürüb, bıçaqla xırdaladılar. Pomidor-xiyarı da çəngəllə götürürdülər. Aysu danışmır, özünü gərgin hiss edir, tez-tez çaşır, çəngəllə bıçağın yerini səhv salırdı. Şirəni içməzdən əvvəl salfet ilə əlini silmək yadından çıxdığından, stəkanında yağlı əl və dodaq izləri vardı. Sonra çay gəldi. Alma piroqunu qəşəng dördkünc boşqablara qoyub, balaca çəngəllə yeməyə başladılar. Çayı nəlbəkiyə tökmədən xırda qurtumlarla içirdilər. Heç kim tələsmirdi. Yeyib qurtarandan sonra uşaqlar analarına “çox sağ ol” dedilər. Aysu da dedi. Sonra qabları yığıb mətbəxə apardılar. Aysu da belə elədi. O, qabağa düşüb qabını yumaq istədikdə Leyla qoymadı:

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289565) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Aysu Reyhan Yusifqızı

Reyhan Yusifqızı

Тип: электронная книга

Жанр: Современная зарубежная литература

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Aysu, электронная книга автора Reyhan Yusifqızı на азербайджанском языке, в жанре современная зарубежная литература

  • Добавить отзыв