Tanrı nə vaxt gülür

Tanrı nə vaxt gülür
Entoni de Mello
Hikmət
Bu kitaba dünya xalqlarının pritçalarını, müxtəlif dini təlimləri, eləcə də lətifələri, Molla Nəsrəddin haqqında rəvayətləri sintez etməsi ilə məşhurlaşan yazıçı Entoni de Mellonun topladığı müdrik hekayətlər toplanıb.

Entoni de Mello
Tanrı nə vaxt gülür

MÜƏLLİFDƏN OXUCUYA BƏZİ MƏSLƏHƏTLƏR
(ixtisarla)
Nə qədər qəribə də olsa, Həqiqətin insanlarda doğurduğu ilk hislər etiraz və qorxudur. Əsrlərboyu peyğəmbərlər və filosofların söylədikləri bir çox həqiqətlər kütlələr tərəfindən bu hislərlə qarşılanmışdır. Məhz buna görə də xələfləri onların fikirlərini yaymaq üçün çox asan bir üsul tapmışlar: onlar rəvayət, əfsanə və nağıldan istifadə etmişlər. Mənəvi ustadlar hesab edirdilər ki, “Biri var idi, biri yox idi” hər bir dildə ən tilsimli sözlərdir. Onlar bilirdilər ki, insanlar, adətən, həqiqətə müqavimət göstərirlər, nağıla müqavimət göstərmək isə, sadəcə, absurddur. Hər bir müdrik hekayət insanı azacıq da olsa dəyişdirir və İlahiyə doğru gedən yolda maneələri yox edir.
Hekayətləri yadınızda saxlayın ki, sonra dostlarınıza danışa biləsiniz. Hər dəfə hansısa bir vəziyyətə aydınlıq gətirmək istərkən rəvayət gözünüz önündə canlanacaq. Başqa sözlə, bu hekayətləri oxumaqla dünyanı və özünüzü dərk etməyin yollarını öyrənəcəksiniz və sizə özünüzdən başqa heç bir quru[1 - quru – hinduizm və buddizmdə mənəvi rəhbər, müəllim.] lazım olmayacaq.
Hekayələri ardıcıllıqla oxumaq yaxşı olardı. Əgər siz onlardan sadəcə kef almaq yox, daha çox şey gözləyirsinizsə, onda birdəfəyə yalnız bir-iki hekayə oxumaq lazımdır. Kitabı oxuyarkən “görəsən, burada təsvir edilmiş əlamətlər məndə də varmı?” sualına cavab tapmağa çalışın.
Kitabdakı hekayələr bir çox xalqların mədəniyyət və dinlərini əhatə edir. Onlar bəşəriyyətin mənəvi irsinə məxsusdur. Müəllifin xidməti isə təkcə onları müəyyən ideya ətrafında birləşdirməkdən ibarətdir. O, sadəcə, toxucu və boyaqçının işini yerinə yetirib. Pambıq və sapın şöhrətinə şərik olmaq fikrindən uzaqdır.

TƏHSİL

Təhsil həyata hazırlıq olmamalıdır, o, həyatın özü olmalıdır


ELƏ BİLİR, MƏN HƏQİQİYƏM
Bir ailə restorana nahara gəlir. Ofisiant qız böyüklərdən sifarişi qəbul etdikdən sonra üzünü onların yeddiyaşlı oğluna tutur:
– Siz nə sifariş edəcəksiniz?
Oğlan cəsarətsiz şəkildə valideynlərinə baxıb deyir:
– Mən hot-doq istəyirəm.
Ofisiant sifarişi yazmağa macal tapmamış uşağın anası dillənir:
– Heç bir hot-doq yoxdur! Ona kartof püresi və köklə bifşteks gətirin.
Ofisiant onun sözlərinə məhəl qoymur:
– Hot-doqu xardalla istəyirsiniz, ya ketçupla? – deyə uşaqdan soruşur.
– Ketçupla.
– Bir dəqiqəyə hazır olacaq, – deyərək ofisiant mətbəxə yollanır.
Stol arxasında dərin sükut yaranır. Nəhayət, uşaq günahkarcasına valideynlərinə baxaraq deyir:
– Bilirsiniz, o elə bildi ki, mən həqiqiyəm!

– Sənin balaların necədi?
– Hər ikisi yaxşıdır, çox sağ ol.
– Yaşları nə qədərdir?
– Həkimin üç, hüquqşünasın isə yeddi yaşı var.

NEVROZLU UŞAQ
Balaca Meri anası ilə dəniz sahilinə gəldi.
– Ana, olar qumluqda oynayım?
– Yox, əzizim. Təmiz paltarın çirklənər.
– Ana, suda bir az qaça bilərəm?
– Yox. İslanıb xəstələnərsən.
– Ana, sahildəki uşaqlarla oynaya bilərəm?
– Yox. Uşaqlara qarışıb gözdən itərsən.
– Ana, mənə dondurma al.
– Yox. Boğazına soyuq dəyər.
Balaca Meri ağlamağa başladı. Ana yaxınlıqda duran qadına tərəf dönüb dedi:
– Aman Allahım! Siz nə vaxtsa belə nevrozlu uşaq görmüsünüz?

İT ÜÇÜN BALIQ YAĞI
Bir nəfər öz dobermanına balıq yağı vermək qərarına gəlir. O bunun itlər üçün çox faydalı olduğunu eşitmişdi. Hər gün itin başını dizləri arasında sıxaraq ağzını açır və yağı zorla boğazına tökürdü.
Bir dəfə it dartınaraq onun əlindən çıxdı və bu vaxt yağı döşəməyə dağıtdı. Sonra isə, sahibinin böyük təəccübünə rəğmən, qayıdaraq yerdəki yağı yalamağa başladı. Məlum oldu ki, heyvan balıq yağının özünə deyil, sadəcə, bu yağın ona necə yedirdildiyinə qarşı müqavimət göstərirmiş.

ƏL ÇALAN MƏLƏK
Qədim bir əfsanəyə görə, Allah dünyanı yaradarkən ona dörd mələk yaxınlaşır. Birinci soruşur: “Sən bunu necə edirsən?” İkinci soruşur: “Sən bunu niyə edirsən?” Üçüncü soruşur: “Kömək edə bilərəm?” Dördüncü soruşur: “Bunu etməyə dəyərmi?”
Birinci mələk alim idi, ikinci – filosof, üçüncü – altruist, dördüncü isə əmlak üzrə agent.
Beşinci mələk bütün bu baş verənləri kənardan böyük həzlə izləyir və əl çalırdı. O, sufi idi.

CONNİ MƏKTƏB TAMAŞASINDA ROL ALDI
Balaca Connini məktəb tamaşasında oynamaq üçün yoxlayırdılar. Anası bilirdi ki, oğlu həmin tamaşada rol almağı çox istəyir, amma onun seçilməsinə ümidi az idi. Nəhayət, şagirdlərə rolların paylanacağı gün gəlib çatdı. Evə qayıdan Conni anasının qucağına atıldı; o, böyük fərəh və həyəcan içində idi.
– Ana! – deyə o qışqırdı. – Məni seçdilər! Mənə alqışlamağı və “Ura!” qışqırmağı həvalə etdilər.

Şagirdin gündəliyindən yazı: “Samuel xora diqqətlə qulaq asmaqla ona kömək edir”.

ASTRONAVTIN HEYRANLIĞI
Ayda olmuş azsaylı astronavtlardan biri danışırdı ki, ora düşərkən heyranlıq hislərini boğmağa məcbur olmuşdu.
Xatırlayırdı ki, bir dəfə Yeri görəndə heyranlıqdan donub-qalmışdı. Yerində dayanıb düşünürdü: “Allahım! Necə də gözəldir!”
Amma sonra sentimental hisləri kənara atıb özünə demişdi: “Vaxtı boş yerə itirmə, get süxurdan nümunələr yığ”.

Təhsilin iki növü var: biri necə qazanmaq lazım olduğunu öyrədir, digəri necə yaşamağı.

BUNUN NECƏ EDİLDİYİNİ UNUTMUŞAM
Dünyanın ən varlı insanlarından biri olan Endrü Karnegidən bir dəfə soruşurlar: “Siz istənilən vaxt dayana bilərdiniz, elə deyilmi? Axı sizin kapitalınız hər zaman kifayət qədər olub”.
Karnegi cavab verir: “Bəli, tamamilə doğrudur. Amma mən dayana bilmirdim. Mən, sadəcə, bunu necə etməyi unutmuşdum”.

Çoxları qorxur ki, düşünməyə və maraqlanmağa ara versələr, sonra artıq yenidən başlaya bilməyəcəklər.

OKEANDA GÖZƏL ADA
Qoca kişi həyatının böyük hissəsini dünyanın ən gözəl adalarından birində yaşamışdı. Artıq ahıl yaşlarında şəhərə köçəndə kimsə ona demişdi: “Yəqin, dünya möcüzələrindən biri sayılan bir adada bu qədər uzun müddət yaşamaq çox fərəhli bir haldır!”
Qoca bir qədər düşünüb cavab vermişdi: “Bilirsiniz, düzünü desəm, əgər adanın bu qədər məşhur olduğunu bilsəydim, heç olmasa, ona bir nəzər yetirərdim”.

İnsanlara baxmağı öyrətmək lazım deyil. Onları yalnız kor edən məktəbdən xilas etmək lazımdır.

UİSTLERİN UŞAQLARI
XIX əsrin ortalarında amerikalı rəssam Ceyms Mak-Neyl Uistler Vest-Pointdə, ABŞ Hərbi Akademiyasında qısa və akademik təhsil baxımından uğursuz sayılan bir təlim dönəmi keçirtmişdi. Deyilənə görə, bir dəfə ona körpü çəkmək tapşırığı veriləndə o, yaşıllıqla örtülmüş çay sahillərini birləşdirən çox füsunkar bir daş körpü və onun üstündə dayanıb balıq tutan iki azyaşlı uşaq şəkli çəkmişdi.
– Uşaqları körpüdən götürün! Bu, xalis mühəndislik tapşırığıdır! – deyə təlimatçı ondan xahiş edir.
Uistler uşaqları körpüdən götürür, balıq tutmaq üçün sahildə yerləşdirir və yenidən rəsmini göstərir. Qəzəblənmiş təlimatçı bağırır:
– Mən axı sizə dedim uşaqları yığışdırın. Tamamilə! Şəkildə uşaq qalmasın!
Ancaq Uistler öz yaradıcılıq alovunu söndürə bilmir. Növbəti variantda şəkildə uşaqlar, doğrudan da, yox idi. Onlar çayın sahilində iki kiçik qəbirdaşı altında basdırılmışdılar.

LUİS SİNKLERİN MƏSLƏHƏTİ
Bir dəfə bir qrup tələbə böyük romançı Luis Sinklerdən onlara mühazirə oxumasını xahiş edir və bildirirlər ki, gələcəkdə yazıçı olmaq fikrindədirlər. Luis mühazirəni bu sözlərlə başlayır:
– Sizlərdən kim, həqiqətən, yazıçı olmaq fikrindədir?
Hamı əlini qaldırır.
– Belə olan halda hər hansı bir şeydən danışmaq tamamilə mənasızdır. Sizə belə məsləhət verəcəyəm: gedin evə və yazın, yazın, yazın…
Bunu deyərək qeydlərini cibinə qoyur və auditoriyanı tərk edir.

BEYİN NƏYƏ LAZIMDIR
Bir qadın yenicə aldığı çox mürəkkəb bir mətbəx cihazını “İstifadəçi üçün təlimat”ın köməyi ilə yığmağa çalışırdı. Lakin az sonra bunu bacarmayacağını anlayan qadın təslim oldu və bütün detalları elə stolun üstündə səpələnmiş vəziyyətdə qoyaraq çıxıb getdi.
Bir neçə saatdan sonra evə qayıdaraq cihazın qulluqçu tərəfindən yığıldığını və əla işlədiyini görən qadının təəccübünü təsəvvür etmək çətin deyil.
– Axı sən bunu necə bacardın?! – deyə o, heyrətlə soruşdu.
– Bilirsiniz, xanım, oxumağı bacarmayanda beynini işlətməyə məcbur olursan.

ÖYRƏTMƏK, YA ÖYRƏNMƏK?
Qırx yeddi il müxbir və ədəbi redaktor işləmiş bir nəfər bir gün yerli Təhsil Komitəsinə zəng vurur və özünün qəzet biznesindəki çoxillik təcrübəsindən danışaraq savadsızlığın aradan götürülməsinə yönəldilmiş yerli proqramda iştirak etmək arzusunda olduğunu bildirir.
Uzun bir fasilə. Sonra xəttin o biri başından kimsə soruşur:
– Çox gözəl. Siz öyrətmək, yoxsa öyrənmək istəyirdiniz?

QARPIZ İŞİ
Üç oğlanı qarpız oğurluğunda təqsirləndirirdilər. Məhkəmə zalında onlar böyük həyəcanla hakimin qərarını gözləyirdilər və özlərini ən pis hökmə hazırlayırdılar, çünki hakim ətrafda sərt bir adam kimi tanınırdı.
Ancaq hakim həm də müdrik müəllim idi. O, çəkici ilə stola vuraraq zalda olanlara üzünü tutdu:
– Zəhmət olmasa, uşaqlıqda heç vaxt qarpız oğurlamayanlar əllərini qaldırsınlar.
Bir qədər gözlədi. Məhkəmə icraçıları, polislər, tamaşaçılar – elə hakimin özü də – hamı əllərini qarşılarında, stolun üstündə saxlamışdı.
Məhkəmə zalında heç kimin əlini qaldırmadığına tam əmin olduqdan sonra hakim hökm verdi:
– İddia rədd edilir!

HƏR ŞEY MAŞINLARA GÖRƏDİR
Bir mömin qadın müasir gənclərin həyat tərzindən gileylənərək deyirdi:
– Bunun hamısı maşınlara görədir! Gör rəqs etmək və bir yerdə vaxt keçirmək üçün onlar necə uzaqlara getməli olurlar. Yəqin, sənin vaxtında başqa cür idi, elə deyilmi, nənə?
Səksənyaşlı qadın cavab verir:
– Bilirsən, biz bacardığımız qədər uzağa getməyə çalışırdıq!

ALLAH MƏTBƏXDƏ İDİ
Ana:
– Bilirsən ki, sən mətbəxdən peçenye oğurlayarkən Allah burada idi?
– Hə.
– Və O, bütün bu vaxt ərzində səni izləyirdi?
– Hə.
– Bəs, səncə, O sənə nə deyirdi?
– Deyirdi ki: “Bizdən başqa burda heç kim yoxdu, mənə də bir az götür!”

RAVVİN[2 - ravvin – yəhudilərdə din xadimi, ruhani.] YAMSILAMIR
Gənc ravvin atasının yerini tutanda hamı onun atasına heç oxşamadığını söyləməyə başladı.
– Tamamilə əksinə, – gənc cavab verdi, – mən son dərəcədə atama oxşayıram. O heç kimi təqlid etmirdi, mən də heç kimi təqlid etmirəm.

Özün kimi ol! Dahi insanları böyük işlər görməyə qanadlandıran daxili alov səndə yoxdursa, onları təqlid etməkdən çəkin.

KRALI TƏQLİD
Bir dəfə Londonda Hendelin “Xilaskar”ının premyerası gedərkən tamaşaçılar arasında kral da var idi. Xor “Alliluyya”nı ifa etdiyi zaman kral o qədər təsirlənir ki, bütün qaydalara zidd olaraq sükut içində öz yerindən qalxır. O bunu əsl şedevr qarşısında hörmət əlaməti olaraq etmişdi.
Bunu görən bütün lordlar kralın ardınca durmağa tələsdilər. Onların ardınca isə, əlbəttə ki, qalan tamaşaçılar da yerlərindən qalxdılar!
Həmin gündən “Alliluyya” oxunan zaman yerindən qalxmaq ənənə halını aldı. Bu, dinləyicinin emosional vəziyyətindən və ya ifanın keyfiyyətindən asılı olmayaraq həmişə belə olur.

TUTUQUŞU VƏ ÖSKÜRƏK
Sevimli tutuquşusu öskürməyə başlayandan sonra qoca dənizçi siqaret çəkməyi tərgitməli oldu. O, otağı hər zaman dolduran siqaret tüstüsünün tutuquşunun sağlamlığına ciddi zərər vura biləcəyindən ehtiyat edirdi.
Qoca kömək üçün baytara müraciət etdi. Əsaslı müayinədən sonra həkim bildirdi ki, tutuquşuda heç bir quş xəstəliyi və ya sətəlcəm tapmayıb. Tutuquşu, sadəcə, siqaret çəkən sahibini yamsılayırmış.

PAYINI ALACAQSAN!
Dayısı Co həftəsonu onlara gəldiyi üçün balaca Cimmi çox sevinirdi. Sevimli dayısının onunla bir otaqda yaşayacağı və bir çarpayıda yatacağı xəbərini heyranlıqla qarşıladı.
Gecə otaqda işıq sönəndən sonra Cimmi nəyisə xatırladı.
– Op! – o səsləndi. – Az qala unutmuşdum!
O, çarpayıdan sıçradı və onun yanında dizləri üstə durdu. Co dayı uşaqla həmrəy olduğunu göstərmək istədi və özü də çarpayının digər tərəfində dizi üstə durdu.
– Oy! – Cimmi titrək səslə pıçıldadı. – Dayı, səhər anam sənin nə etdiyini görəndə payını verəcək! Axı güvəc çarpayının bu tərəfindədir!

BABANIN KOSTYUMU
– Mən istərdim ki, sən tutduğun mövqeyə uyğun geyinəsən. Təəssüflənirəm ki, sənə bu cır-cındırı geyinməyə icazə vermişəm.
– Amma mən kifayət qədər yaxşı geyinmişəm axı.
– Yaxşı görək! Babandan nümunə götür. O, həmişə qəşəng geyinmişdir. Onun libası həmişə bahalı və əla tikilmiş olub.
– Ha-ha-ha! Bax elə burdaca səni tutdum! Axı mən elə babamın kostyumundayam!

YAD İDEYALAR
Filosofun bir cüt ayaqqabısı var idi. Bir dəfə o, çəkməçidən onları təcili düzəltməsini xahiş elədi.
– Atelye artıq bağlanır, – çəkməçi cavab verdi, – ona görə də mən sizin ayaqqabınızı indi təmir edə bilməyəcəyəm. Sabah onun dalınca gələrsiniz.
– İş ondadır ki, mənim yalnız bir cüt ayaqqabım var və mən onlarsız, sadəcə, gəzə bilmərəm.
– Narahat olmağa dəyməz! Mən sizə birgünlük nimdaş bir ayaqqabı verərəm.
– Necə? Kiminsə ayaqqabısını geymək? Siz məni kim hesab edirsiniz?
– Yad birinin ayaqqabısını geyməyə niyə razı olmursunuz ki? Siz ki öz beyninizdə başqalarının fikir və ideyalarını gəzdirməyə etiraz etmirsiz?

SEKS HAQQINDA
Ata yeniyetmə oğlundan soruşdu:
– Bu gün məktəbdə nə keçmisiniz?
– Seks haqqında mühazirələr, – deyə oğlan cavab verdi.
– Seks haqqında mühazirələr? Yaxşı, sizə nə dedilər ki?
– Əvvəl bir keşiş danışdı və izah etdi ki, nə üçün biz bununla məşğul olmamalıyıq. Sonra həkim bizə dedi ki, bununla necə məşğul olmamalıyıq. Axırda isə məktəbin direktoru məruzə ilə çıxış edib dedi ki, bununla harada məşğul olmamalıyıq.

PREZİDENTİN DİLEMMASI
Amerika prezidenti Uilyam Hovard Taft bir dəfə bir ziyafətdə iştirak edir və orada onun kiçik oğlu atası barədə onu hörmətdən salan bir fikir söyləyir.
Qonaqlar oğlanın ədəbsiz hərəkətindən şoka düşürlər və otağa ağır bir sükut çökür.
– Sən onun barəsində nə ölçü götürəcəksən? – missis Taft soruşur. – Cəzalandıracaqsan?
– Əgər onun dedikləri mənə bir ata kimi ünvanlanmışdısa, onda, əlbəttə, o, cəzasını alacaq. Yox, əgər o, Amerika Birləşmiş Ştatlarının prezidentinə müraciət edirdisə, onda onun bunu etməyə qanuni konstitusiya hüququ var.

Nəyə görə prezidentə aid olan ədalətli tənqidi ata barəsində etmək olmaz?

SOYEN ŞAKUNUN GÜNDÜZ YUXUSU
Altmış bir yaşında olarkən müəllim Soyen Şaku həyatdan köçdü. O, qarşısına qoyduğu vəzifəni sağlığında yerinə yetirə bilmişdi – gələcək nəsillər üçün, özündən sonra digər dzen[3 - dzen – Çin və Şərqi Asiya buddizmində əsas məktəblərdən biri. Geniş mənada aydınlanma haqqında təlimdir.] müəllimləri ilə müqayisədə, daha zəngin, daha mükəmməl təlim qoymuşdu. Deyilənə görə, onun şagirdləri isti yay günlərində nahardan sonra bir qədər yatmağı sevirdilər; baxmayaraq ki müəllim özü bir dəqiqəsini belə hədər yerə sərf etmirdi, o heç vaxt buna görə şagirdlərini məzəmmət etməmişdi.
On iki yaşında olarkən o artıq Tenday məktəbinin fəlsəfi nəzəriyyəsini öyrənməyə başlamışdı. Bir dəfə çox qızmar bir yay günü idi; müəllim də yaxınlıqda deyildi; balaca Soyen uzanaraq üç saat davam edən dərin bir yuxuya gedir. O, Ustad qəfil otağa daxil olarkən oyanır, amma artıq gec idi: budur, qapının ağzında yerə sərilib qalıb.
– Xahiş edirəm, bağışlayın məni. Xahiş edirəm, bağışlayın, – yerdə uzanmış şagirdin üstündən keçən müəllim sanki uşağa deyil, hansısa möhtərəm qonağa üzrxahlıq edirdi.
Həmin gündən Soyen gündüzlər bir daha yatmadı.

ANANIN ŞAPALAĞI
Balaca bir oğlan uşağı küçə ilə bərk qaçırdı. Küçəni dönərkən bir adamla toqquşdu.
– Allahım! – yoldan keçən səsləndi. – Sən hara belə tələsirsən?
– Evə, – uşaq cavab verdi. – Tələsirəm, çünki evdə anam məni şapalaqlamalıdır.
– Sən evə anandan bir neçə şapalaq almaq istədiyinə görə tələsirsən? – heyrətlənmiş yolçu soruşdu.
– Yox. Amma əgər atam evə məndən tez gələrsə, onda şapalaqları o vuracaq.

Uşaqlar bizim güzgümüzdür. Onlar sevgi mühitində yaşadıqca bunu əks etdirirlər. Sevgi olmayanda isə əks etdirməyə bir şey qalmır.

QULAQBURMASI
Nəsrəddin uşağa səhəngi verərək quyuya su dalınca getməyi tapşırdı. Ancaq uşaq hələ bir addım da atmamış ona bir qulaqburması da verib üstünə qışqırdı:
– Əlindən salsan, özündən küs!
Yoldan ötən bir nəfər dözmədi:
– Günahsız uşağı necə döymək olar? O axı hələ heç bir pis şey etməyib!
– Siz indi deyirsiniz ki, mən onu səhəngi salıb sındırandan və nəticədə həm səhəngdən, həm də sudan məhrum olandan SONRA cəzalandırım? Belədə isə o yadında saxlayacaq ki, səhəngi də, suyu da qorumaq lazımdır, – Nəsrəddin cavab verdi.

PSİXOLOQUN MÖCÜZƏSİ
Balaca oğlan qonşu uşağının oyuncaq atına minmişdi və ondan düşməyə qəti surətdə razı olmurdu. Evlərində bu cür oyuncaqdan düz üçü var idi, ancaq uşaq təkidlə məhz bunun üstündə oturmaq istəyirdi. Anası onu zorla oyuncağın üstündən götürmək istəyəndə isə elə ucadan qışqırıb ağlayırdı ki, məcbur olub yerində otuzdururdular. Oğulları ilə nə edəcəklərini bilməyən valideynlər uşaq psixoloqu çağırmalı oldular.
Psixoloq uşağa yaxınlaşdı, saçlarına tumar çəkdi, ona tərəf əyildi və gülümsəyərək qulağına nəsə dedi. Elə həmin andaca uşaq oyuncaqdan düşdü və dinməz-söyləməz öz evlərinə tərəf üz tutdu.
– Siz ona hansı sehrli sözü dediniz? – təəccüblənmiş valideynlər soruşdular.
Cavab verməzdən əvvəl psixoloq qonorarını aldı:
– Hər şey çox sadədir. Mən ona dedim: “Əgər bu saat atdan düşməsən, mən sənin dalını elə kötəkləyəcəm ki, sonra düz bir həftə heç yerdə otura bilməyəcəksən. Buna görə mənə pul verirlər və mənim bunu edəcəyimə heç bir şübhən olmasın”.

Uşağı cəzalandırmazdan əvvəl özünüzdən soruşun, bəlkə, onun sözə baxmamasının səbəbi sizin özünüzsünüz.

AĞILLI VALİDEYNLƏR
Valideynlər:
– Conni səndən kiçikdir, amma onun məktəbdəki qiymətləri həmişə səninkindən daha yaxşı olur. Bu niyə belədir?
Yeddiyaşlı oğul:
– Çünki Conninin ağıllı valideynləri var.

MÜASİR UŞAQLAR
Bir nəfər övladlarında musiqiyə sevgi yaratmaq üçün onlara pianino alır.
Evə qayıdarkən görür ki, uşaqları karıxmış halda çalğı alətinə tamaşa edirlər. Atalarına:
– Başa düşmürük, bunu elektrik şəbəkəsinə necə qoşurlar? – dedilər.
***
Balaca bir oğlan uşağı ömründə ilk dəfə olaraq böyük şəhərdən kəndə gəlir. Yolun kənarında durduğu vaxt görür ki, yaşlı bir adam at arabası ilə dükana yaxınlaşdı və düşüb içəri keçdi. Uşaq atı böyük maraqla seyr etməyə başlayır – o, əvvəllər heç vaxt bu heyvanı görməmişdi. Kişi dükandan çıxıb getməyə hazırlaşanda oğlan onu səsləyir:
– Ey, cənab! Sizi xəbərdar etmək istərdim ki, o, indicə bütün yanacağını boşaltdı.
***
Əlində banan qabığı tutmuş balaca qız meyvə-tərəvəz dükanına girir. Satıcı qadın soruşur:
– Sənə nə lazımdır, əzizim?
– Bunun içini doldurmaq, – deyə qız cavab verir.

HƏDƏF NƏDİR
Kamandan oxatma məktəbinin müəllimi həyat məsələlərində də ox atmaqda olduğu kimi yaxşı baş çıxarması ilə məşhur idi.
Bir dəfə onun ən istedadlı şagirdi yerli yarışma zamanı üç dəfə dalbadal hədəfi sərrast vurdu. Tamaşaçılar ucadan alqışlamağa başladılar. Onların alqışı həm şagirdin özünə, həm də onun müəlliminə ünvanlanırdı.
Ancaq müəllim çox laqeyd, hətta narazı görünürdü.
Bir müddət sonra şagird müəllimin narazılığının səbəbini soruşdu.
– Sən hələ anlamamısan ki, hədəf hədəfin özü deyil?
– Bəs onda hədəf nədir? – şagird soruşdu.
Lakin müəllim cavab vermədi. Cavabı şagirdin özü nə vaxtsa tapmalı idi, çünki onu sözlə izah etmək mümkün deyildi.

Nəhayət, bir dəfə o, müəllimin nə demək istədiyini başa düşdü: əsas olan nailiyyətin özü deyil, ona olan münasibətdir. Əsas olan hədəf deyil, eqonun[4 - eqo – psixoanaliz nəzəriyyəsinə əsasən, insan şəxsiyyətinin “Mən” kimi dərk edilən hissəsi.]yox olmasıdır.

BİR UŞAQ ÜÇÜN HƏBSXANA
Bir dəfə hökumət orqanları uşaqlar üçün islahetmə müəssisəsi açmaq qərarına gəlir. Məsləhət üçün tanınmış pedaqoqu dəvət edirlər. O, ehtiraslı bir çıxış edir, koloniyada təlim-tərbiyə işini humanist metodlarla aparmağa çağırır; uşaqlarla səriştəli pedaqoqların işləməsi, onlarla mehriban və nəvazişlə rəftar edilməsi üçün bütün səyləri cəmləşdirməyə dəvət edir.
Çıxışını bu sözlərlə yekunlaşdırır:
– Əgər, heç olmasa, bir uşağın mənəviyyatının pozulmasının qarşısı alınsa, onda hesab etmək olar ki, bu müəssisənin yaranmasına qoyulmuş bütün vəsaitin və zəhmətin əvəzi ödənilmişdir.
Bir qədər sonra şura üzvlərindən biri ondan soruşur:
– Sən nəyisə qarışdırmısan. Məgər bir uşağın xilası bütün vəsait və çəkilən zəhmətin haqqını verə bilər?
– Əgər həmin uşaq mənim övladımdırsa, onda ola bilər, – cavabı gəlir.

AVTORİTET

Avtoritetə olan inam düzgün qavrayışa mane olur


NƏHAYƏT Kİ!
Bir kral var idi. Hər gün keşiş ona “Bhaqavadgita”dan parçalar oxuyur və dediklərini izah edirdi. Sonra isə, adətən, soruşurdu:
– Mənim kralım, sənə söylədiklərimi başa düşdünmü?
Kral suala nə təsdiqləyici, nə də inkaredici cavab verirdi. Belə hallarda o, adətən, deyirdi:
– Əvvəlcə bunu özün başa düşməyə çalış.
Kralın cavabı keşişi pərt edirdi, çünki o bu görüşlərə həmişə çox ciddi hazırlaşırdı və izahlarının da dəqiq və anlaşıqlı olduğunu düşünürdü.
Keşiş, həqiqətən, mənəvi axtarış içində olan biri idi. Bir dəfə meditasiya[5 - meditasiya – insan psixikasını dərin dalğınlıq vəziyyətinə gətirən əqli fəaliyyət.] zamanı, o, reallığın – evin, ailənin, var-dövlətin, dostların, şöhrətin, hörmətin və bütün qalan şeylərin xəyali və nisbi təbiətini gördü. Keşiş bütün bunları o qədər aydın dərk etdi ki, ürəyində bütün bu sadalananlara olan həvəsi tamamilə itdi. O, evdən getməyi və ömrünü səyahət etməklə keçirən bir asket[6 - asket – maddi nemətlərdən əl çəkməklə mənəvi kamilliyə can atan insan, zahid, dərviş.] olmağı qərara aldı.
Getməzdən əvvəl krala qısa bir məktub yazdı:
– Mənim kralım! Nəhayət ki, mən anladım!

SƏTƏLCƏM OLUN!
Bir qadın bərk soyuqlamışdı və həkimlərin yazdıqları heç bir dərman ona kömək etmirdi.
– Nə olar, bir şey edin, həkim, – deyə qadın yalvardı.
– Bir ideyam var, – həkim fikirli halda dedi. – Gedin evə, qaynar duş qəbul edin və qurulanmazdan əvvəl çılpaq halda yelçəkən bir yerdə dayanın.
– Düşünürsüz ki, bu kömək edər? – təəccüblənmiş qadın soruşdu.
– Yox, amma siz sətəlcəm olacaqsınız, onu isə mən müalicə etməyin yolunu bilirəm.

Heç fikirləşmisinizmi ki, sizin quru sizə hər hansı bir xəstəlik üçün bir dərman verə bilər, halbuki xəstəliyin səbəbi elə onun özüdür?

– Allaha şükür ki, piknikə gedərkən özümüzlə qatırı da götürmüşük. Oğlanlardan biri yaralananda onu qatıra mindirib gətirdik evə.
– Necə oldu ki, o yaralandı?
– Qatır ona şıllaq atdı.

HƏKİM ÇUN MƏNİ NECƏ XİLAS ETDİ
– Mənə yaxşı bir həkim məsləhət görə bilməzsən?
– Çun adlı bir həkim var. Mənim həyatımı xilas edib.
– Bu necə olub?
– Bilirsən, çox ağır xəstələnmişdim. Həkim Çinin yanına getdim. Dediyi dərmanı qəbul etdim, halım daha da pisləşdi. Buna görə həkim Çanın yanına getməli oldum. Onun dərmanını içdim və hiss elədim ki, ölürəm. Onda mən həkim Çunun yanına getməyi qərara aldım, amma həmin vaxt o, evdə yox idi.

HƏKİM DAHA YAXŞI BİLİR
Həkim həyat əlamətləri sezilməyən xəstənin üstünə əyildi. Sonra dikələrək dedi:
– Təəssüf edirəm, amma əriniz keçindi.
Cəsədin sinəsindən zəif bir etiraz səsi çıxdı:
– Yox! Mən hələ sağam!
– Ağzını yum, – arvadı onun sözünü kəsdi, – həkim nə dediyini daha yaxşı bilir.

KİMƏ DAHA ÇOX İNANIRSAN
Nəsrəddinin yanına qonşusu gəlir və eşşəyini borca verməyini xahiş edir.
– Mən onu artıq başqasına vermişəm, – Nəsrəddin cavab verir. Elə bu vaxt tövlədən eşşəyin səsi gəlir.
– Amma mən eşşək anqırtısının səsini eşidirəm, – qonşu deyir.
– Sən kimə daha çox inanırsan: mənə, yoxsa eşşəyə?

NƏ VAXT GÜLMƏK LAZIM OLDUĞUNU DEYƏCƏYƏM
Kinoteatrda bir ucaboy tamaşaçı onun arxasında oturan oğlana müraciət edərək soruşur:
– Ekranı görə bilirsən, oğlum?
– Xeyr.
– Narahat olma. Mənə bax və mən gülməyə başlayanda sən də gül.

MÜHARİBƏ NƏ VAXT BİTƏCƏK
Marşal Ferdinand Fok I Dünya müharibəsi zamanı Birləşmiş qüvvələrə başçılıq edirdi. Müxbirlər hər vəchlə onun şəxsi sürücüsü olan Pyeri ələ alaraq marşalın beynində hansı fikirlərin dolaşdığını öyrənmək, müharibənin nə vaxt sona yetəcəyini bilmək istəyirdilər. Amma Pyeri danışdırmaq mümkün olmurdu.
Bir dəfə müxbirlər hərbi qüvvələrin baş qərargahından çıxan Pyeri dövrəyə aldılar.
Sürücü dedi:
– Marşal bu gün, axır ki, dilləndi.
– Nə dedi? – ətrafdakılar səbirsizliklə soruşdular.
– Məndən soruşdu: “Səncə, Pyer, müharibə nə vaxt qurtaracaq?”

Keşişin qızı atasından moizə oxumaq üçün ideyaları haradan aldığını soruşdu.
– Allahdan, – cavabı gəldi.
– Elə isə nəyə görə sən oxuduğun kağızda həmişə nəyinsə üstündən xətt çəkirsən? – deyə qız soruşdu.

MARKONİNİN SAVADSIZLIĞI
Radionun yaradıcısı olan Markoni bir dəfə dostu ilə laboratoriyada oturub simsiz rabitənin texniki məsələlərini müzakirə edirdi.
Artıq laboratoriyanı tərk etdikləri vaxt Markoni dedi:
– Bütün ömrümü mən bu problemin həllinə həsr etmişəm, amma bir nüans var ki, onu heç cür başa düşə bilmirəm.
– Radio ilə bağlı bilmədiyin bir şey var? – heyrətlənmiş dostu soruşdu. – Bu nədir ki elə?
– O necə işləyir, – Markoni cavab verdi.

YEPİSKOP RAYTIN SƏHVİ
Uzun illər bundan əvvəl Amerika Birləşmiş Ştatlarının şərq sahilindən olan bir yepiskop qərb tərəfdə yerləşən dini kolleci ziyarət edir. Onu kollecin fizika və kimya elmləri professoru olan gənc və mütərəqqi fikirli prezidentinin evində yerləşdirirlər.
Bir dəfə prezident müdrik, təcrübəli bir adamla ünsiyyət qursunlar deyə kafedra üzvlərini yepiskopla nahara dəvət edir. Nahardan sonra söhbət sivilizasiyanın qızıl əsrindən düşür. Yepiskop deyir ki, bu lap tezliklə baş verəcək. Sübut kimi o bu dəlilləri gətirir ki, təbiətdə artıq hər bir şey tədqiq olunub və mümkün olan bütün kəşflər edilib.
Prezident nəzakətlə etiraz edir. Onun fikrincə, bəşəriyyət, əksinə, hələ ən böyük kəşflərin astanasındadır. Yepiskop ondan, heç olmasa, birini nümunə gətirməyi xahiş edir. Prezident cavab verir ki, onun hesablamalarına görə, yaxın əlli il ərzində insanlar uçmağı öyrənəcəklər.
Bu, yepiskopu çox güldürür.
– Cəfəngiyyatdır, mənim əzizim, – o bildirir, – əgər Allah bizim uçmağımızı istəsəydi, bizə qanad verərdi. Səma yalnız quşların və mələklərin ixtiyarına verilib.
Bu yepiskopun soyadı Rayt idi. Onun iki oğlu var idi. Birinin adı Orvil, digərininki Uilber idi – məhz onlar birinci aeroplanı ixtira etmişlər.

MƏN ATA UÇMAĞI ÖYRƏDƏCƏYƏM
Bir dəfə Qədim Hindistanda kral bir nəfəri edama məhkum edir. Məhkum onu öldürməməyi xahiş edərək deyir:
– Əgər kral mənə qarşı mərhəmətli olub həyatıma son qoymasa, mən bir il ərzində onun atına uçmağı öyrədərəm.
– Razıyam, – kral deyir. – Amma əgər bu vaxtın tamamında at uça bilməsə, sən edam olunacaqsan.
Təşvişə düşmüş qohumlar soruşanda ki hansı yolla verdiyi sözü həyata keçirəcək, adam cavab verir: “Bir il ərzində kral ölə bilər. Ya da at ölə bilər. Yaxud da o, uçmağı öyrənəcək!”

MƏFTİLDƏN ÇƏPƏR
Qurunun da iştirak etdiyi bir məclisdə cavan alim müasir elmin nailiyyətlərindən ağızdolusu danışmağa başlayır.
– Biz quşlar kimi uça bilirik, – o deyirdi. – Quşların etdiyini biz də edə bilirik!
– Bir istisnadan başqa: biz quşlar kimi tikanlı məftilin üstündə otura bilmirik, – quru fikrini bildirir.

AKKORDEONÇU
Həkim diqqətlə xəstəni müayinə edib dedi:
– Siz musiqiçisiniz, elə deyilmi?
– Düzdür, – təəccüblənmiş xəstə cavab verdi.
– Və siz nəfəs çalğı alətində ifa edirsiniz.
– Elədir! Siz bunu nədən bildiniz?
– Çox sadə! Ciyərlərinizdən xırıltı səsi gəlir, boğazınız da iltihablanıb. Şübhə yoxdur ki, bu, güclü təzyiqin nəticəsidir. Hansı alətdə ifa edirsiniz?
– Akkordeonda.

Qüsursuzluğun təhlükələri!

QARTAL VƏ TOYUQ
Necəsə oldu, qartal yumurtası gəlib fermerin hinində toyuq yumurtaları arasına düşdü. Bir müddətdən sonra digər cücələrlə yanaşı, qartal balası da dünyaya gəldi.
Bir qədər də keçdi və lələkləri təzəcə çıxmış quşcuğaz özündə uçuşa qəribə bir meyil hiss elədi. Bir dəfə anası-toyuqdan soruşdu:
– Mən nə vaxt uçmağı öyrənəcəyəm?
Yazıq toyuq uçmağa qadir olmadığını heç dərk də eləmirdi və başqa quşların balalarına uçuş sənətini necə öyrətmələri haqqında təsəvvürü belə yox idi. Lakin özünün bu qüsurunu boynuna almağa utanırdı, odur ki cavab verdi:
– Hələ tezdir, balaca. Hələ tezdir. Bir az da gözlə, sən tam hazır olanda sənə bunu öyrədəcəyəm.
Aylar ötdü və gənc qartal şübhələnməyə başladı ki, anası uçmağı bacarmır. Amma sərbəst uçmağa da qərar verə bilmirdi, çünki onun uçmağa olan dəlisov həvəsi onu böyüdən quşa olan minnətdarlıq hissi ilə ziddiyyət təşkil edirdi.

NƏSRƏDDİNİN MƏSLƏHƏTİ
Molla Nəsrəddinlə bağlı məlumat topladıqdan sonra xəlifə onu məhkəmədə baş müşavir vəzifəsinə təyin etdi. Onun hakimiyyəti səriştəyə deyil, xəlifənin himayəsinə əsaslandığından Nəsrəddin onun yanına məsləhətə gələn hər bir kəs üçün əsl cəzaya çevrilmişdi. Bir parlaq nümunə gətirək.
– Nəsrəddin, dünyagörmüş adamsan, – deyə bir yaltaq ona müraciət etdi. – Gözağrısına qarşı bir vasitə bilmirsən? Neçə vaxtdır ki, göz ağrıları məni incidir.
– Səninlə öz təcrübəmi bölüşəcəyəm, – Nəsrəddin cavab verdi. – Mənim dişim ağrıyanda heç bir şey kömək etmirdi, ta mən onu çəkdirib atana qədər.

HƏKİMİN HÖKMÜ
Həkim fikirləşdi ki, xəstəyə həqiqəti söyləməyin vaxtıdır.
– Düşünürəm ki, sizə bunu deməliyəm: xəstəliyiniz çox ciddidir və siz, güman ki, iki gündən artıq yaşaya bilməyəcəksiniz. Yəqin ki, hansısa işləri yoluna qoymalısınız. Kimisə görmək istəyirsinizmi?
– Hə, – xəstə titrək səslə cavab verdi.
– Kimi? – həkim soruşdu.
– Başqa bir həkimi.

MARK TVENİN ŞÖHRƏTİ
Bir cavan ədəbiyyatçı Mark Tvenə deyir ki, öz yazıçılıq istedadına olan inamını itirməyə başlayıb.
– Sizi də nə vaxtsa belə hislər narahat edib?
– Hə, – Tven cavab verir. – Bir dəfə, yazıçılığa başlayandan 15 il sonra, birdən dərk elədim ki, tamamilə istedadsızam.
– Bəs siz nə etdiniz? Yazmağa son qoydunuz?
– Bunu necə edə bilərdim? Həmin vaxta qədər artıq tanınmış idim.

VARLI DİRİJOR
Bir varlı adam çoxdankı arzusunu – orkestrə rəhbərlik etməyi – həyata keçirmək fikrinə düşür. O, bir təbilçi, üç saksofonçu və iyirmi dörd skripkaçı tutur. Birinci məşqdə elə pis dirijorluq edir ki, təbilçi digər musiqiçilərə onu tərk etməyi təklif edir. Lakin saksofonçulardan biri deyir:
– Niyə gedək ki? Bizə yaxşı əməkhaqqı verir. Bundan başqa, yəqin ki, musiqidən də yaxşı başı çıxır.
Növbəti məşqdə dirijor heç cür takta düşə bilmir. Təbilçi hirsindən təbilləri bərkdən döyəcləməyə başlayır. Dirijor səssizlik tələb edir, musiqiçiləri nəzərdən keçirir və soruşur:
– Kim idi bunu edən?

ASAN İŞ
Bir nəfər orkestr meneceri olan dostuna deyir ki, həmin orkestrdə yer almaq istəyərdi.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/entoni-de-mello/tanri-n-vaxt-gulur-68289535/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
quru – hinduizm və buddizmdə mənəvi rəhbər, müəllim.

2
ravvin – yəhudilərdə din xadimi, ruhani.

3
dzen – Çin və Şərqi Asiya buddizmində əsas məktəblərdən biri. Geniş mənada aydınlanma haqqında təlimdir.

4
eqo – psixoanaliz nəzəriyyəsinə əsasən, insan şəxsiyyətinin “Mən” kimi dərk edilən hissəsi.

5
meditasiya – insan psixikasını dərin dalğınlıq vəziyyətinə gətirən əqli fəaliyyət.

6
asket – maddi nemətlərdən əl çəkməklə mənəvi kamilliyə can atan insan, zahid, dərviş.
Tanrı nə vaxt gülür Энтони де Мелло
Tanrı nə vaxt gülür

Энтони де Мелло

Тип: электронная книга

Жанр: Индийские религии

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Tanrı nə vaxt gülür, электронная книга автора Энтони де Мелло на азербайджанском языке, в жанре индийские религии

  • Добавить отзыв