Bir dəqiqə axmaqlıq
Entoni de Mello
Hikmət
Bu kitaba dünya xalqlarının pritçalarını, müxtəlif dini təlimləri, eləcə də lətifələri, Molla Nəsrəddin haqqında rəvayətləri sintez etməsi ilə məşhurlaşan yazıçı Entoni de Mellonun topladığı müdrik hekayətlər toplanıb.
Entoni de Mello
Bir dəqiqə axmaqlıq
AXMAQLIQDAN MÜDRİKLİYƏ
Müdrikliyə çatmağın həyata yalnız son dərəcə ciddi yanaşmaqla mümkün olduğunu düşünənlər ya nılırlar. Bunun üçün, ilk növbədə, reallığı dərk etmək, həyatı olduğu kimi qəbul etməyi bacarmaq lazımdır. Axı bizi əhatə edənlərin heç də hamısı ağıllı, baş verənlərin hamısı məntiqəuyğun deyil. Əsas məsələ də elə bu ağıl və məntiqdən uzaq həyat həqiqətlərini özün üçün aydın laşdırmaq, safçürük etmək, onlardan düzgün nəticə çıxarmaqdır. Müdriklər həmişə başqalarının səhv lərindən ibrət almağa, onları təkrarlamamağa çağırmışlar. Atalar demişkən: “Ağıllı ədəbi ədəbsizdən öyrənər”. Entoni de Mellonun qarşınızdakı kitabını oxuduqca buna dəfələrlə əmin olacaqsınız. “Bir dəqiqə axmaqlıq” məhz belə ibrətamiz, çox zaman şən, məzəli pritçalardan ibarət topludur.
Qəhrəmanlarının düşdüyü qeyri-adi situasiyaları, on ların qəribə mühakimələrini, gerçəkliyi özünəməxsus, bəzən hətta təhrif olunmuş şəkildə qəbul etmələrini Mello “insan dünyanı əslində olduğu kimi deyil, onu necə görürsə, elə də qavrayır” aksiomu ilə izah edir. Necə ki,“Əvvəllər bütün məhəlləni dövrə vurardım, indi isə o qədər zəif ləmişəm ki, yolun yalnız yarısını gedə bilirəm, sonra isə dönərək geri qayıtmağa məcbur oluram”söy ləyən qoca, əs lində, eyni məsafəni qət etdiyinin fərqinə varmır.
“Bir dəqiqə axmaqlıq” kitabını yaşından və dünyagörüşündən asılı olmayaraq hər kəs oxuya bilər. Kimi burada toplanmış əla lətifələrdən zövq alacaq, kimi isə ürəkdən gülməklə yanaşı fikrə gedəcək, özü üçün bir çox həqiqətləri açacaq.
Kitabdakı bəzi pritçalar sizə çətin anlaşılan, dolaşıq, hətta mənasız gələ bilər. Nə etməli, Mellonun dəfələrlə söylədiyi kimi, həyatda ağılla qavranılması və sözlə ifadəsi mümkün olmayan nəsnələr kifayət qədərdir.
– Bu adam cəfəngiyyat danışır, – Ustadla söhbətdən sonra ziyarətçi bildirdi.
– Sözlə ifadə oluna bilinməyəni ifadə etməyə çalışsaydın, sən də cəfəngiyyat danışardın, – deyə şagirdlərdən biri ona cavab verdi.
Ziyarətçi bu barədə birbaşa ustadın özündən soruşanda belə cavab aldı:
– Hər kəsin cəfəngiyyat danışmağa haqqı var. Yetər ki, bunu ciddi görkəmlə etməsin.
Çox zaman ən axmaq hərəkətlər, ən absurd fikirlər ağıllı üz ifadəsi ilə müşayiət olunur. Və əksinə. Buna görə də oxuyun, gülümsəyin, düşünün və… müdrikləşin.
Şagird təzə gələn yoldaşına dedi:
– Xəbərdarlıq etməliyəm ki, əgər özünü düzgün kökləməsən, Ustadın dediklərindən bir söz də anlamayacaqsan.
– Özümü necə düzgün kökləyim ki?
– Xarici dil öyrənmək arzusunda olan tələbə kimi ol. Ustadın dediyi sözlər tanış səslənir. Ancaq bu səni yanıltmasın – onlar tamamilə başqa məna daşıyır.
Tənqidin ədalətli olduğunu düşünən zaman Ustad tənqid etməkdən heç vaxt çəkinmirdi. Çox maraqlı idi ki, heç kim ondan incimirdi. Bunun səbəbini soruşduqda o belə cavab verdi:
– Hər şey bunu necə etməkdən asılıdır. Axı insanlar gül kimidirlər: yay yağışına açılır və sevinirlər, leysan olduqda isə qapanırlar.
Ustad deyərdi: Öz çatışmazlıqlarını aşkar etməyin ən yaxşı üsulu başqalarında səni qıcıqlandıran şeyləri tapmaqdır. Sübut üçün bu əhvalatı danışdı:
“Bir dəfə arvadı bufetdəki qutudan konfetlərin yarısının ustalıqla yeni aşpazın çantasındakı paketə daşındığını sezmişdi. O, aşpazı pərt etməmək üçün sadəcə olaraq konfetləri paketdən götürdü, qutunu isə gizlətdi ki, daha heç kimi yoldan çıxarmasın. Elə həmin axşam aşpaz işdən çıxdığını söylədi. Səbəbini soruşduqda qadın:
– Mən oğurluq malı oğurlayanların evində işləmək istəmirəm, – deyə qaba şəkildə cavab verdi”.
***
Növbəti gün Ustad mövzunu başqa bir hekayə ilə davam etdirdi. Gecə qarətçi seyfi yarmağa hazırlaşırdı ki, qapısında bir kağız gördü: “Xahiş edirik, seyfi partlatmayın. Bağlı deyil. Sadəcə, dəstəyini burun”. Seyfin dəstəyindən yapışmışdı ki, üstünə qumla dolu kisə düşdü, işıqlar yandı, siqnalizasiyanın səsi isə bütün ətrafı ayağa qaldırdı.
Ustad zavallını yoluxmaq üçün həbsxanaya gələndə o, çox məyus görünürdü.
– Bax bundan sonra insanlara necə etibar edəsən? – uğursuz qarətçi gileylənirdi.
– Aydınlanmaya[1 - aydınlanma – buddizmdə dini anlayış: qəflətən yaranan şüur aydınlığı, reallığın təbiətini bütövlüklə və tam şəkildə dərketmə. Aydınlanmış – aydınlanma məqamına çatmış (adam).] çatmaq üçün nə etmək lazımdır? – şagirdlər Ustaddan soruşdular.
– Deyə bilərsiniz, nə suya düşdükdə ləpə yaratmır, ağacların arasından sürətlə keçərkən heç bir səs çıxarmır və talada hərəkət edərkən bir otu da tərpətmir?
Bir neçə həftə səmərəsiz axtarışlardan sonra şagirdlər dözmədilər:
– Axı bu nə olan şeydir?
– Şey? – Ustad təkrarladı. – Bu heç də bir şey deyildir.
– Deməli, bu heç nədir?
– Belə də demək olar.
– Bəs biz onu necə tapaq?
– Məgər mən axtarmalı olduğunuzu demişəm? Onu tapmaq olar, ancaq onu heç vaxt axtarmırlar. Axtarsanız, itirərsiniz.
– Aydınlanmış insan, – Ustad dedi, – o kəsdir ki, istənilən an harada olduğunu dəqiqliklə bilir, bu isə elə də asan iş deyil!
Və o, çoxlu tanışı olan dostu haqda danışdı. Dostunun yaşı səksəni çoxdan keçmişdi, lakin buna baxmayaraq ona edilən hər ziyafət dəvətini həvəslə qəbul edirdi. Bu ziyafətlərin birində ondan soruşdular ki, həmin gecəyə daha neçə görüş planlaşdırıb.
– Altı, – yaşlı centlmen gözlərini balaca qeyd kitabçasından çəkmədən cavab verdi.
– Siz orada nə axtarırsınız? – yenə soruşdular. – Buradan sonra hara gedəcəyinizi öyrənmək istəyirsiniz?
– Yox, – usanmaz qoca dedi. – İndi harada olduğumu xatırlamaq istəyirəm.
Ustad dərs keçdiyi vaxt şagirdlərdən birinin atası qəflətən sinfə soxuldu və buradakılara məhəl qoymadan qızının üstünə qışqırmağa başladı:
– Sən universiteti atdın ki, oturub bu axmağa qulaq asasan? İndi de görüm, nə öyrədib o sənə burada?
Qız durdu, atasını sakitcə otaqdan çıxarıb dedi:
– Onunla ünsiyyət mənə heç bir universitetin verə bilməyəcəyini verdi – o mənə səndən qorxmamağı və sənin nalayiq hərəkətinə görə utanmamağı öyrətdi.
***
– Mənəviyyatın, heç olmazsa, bir dənə real, praktik faydasını göstər, – deyən skeptik artıq mübahisəyə hazır idi.
– Yaxşı, – Ustad dedi. – Səni bir kəs incidəndə öz ruhunu elə yüksəkliyə qaldıra bilərsən ki, inciklik hissi ora çatmaz.
Nahar vaxtı Ustad bir aktrisanın ulduz fallarından danışdığını eşitdi. Ona sarı əyilərək soruşdu:
– Məgər siz ulduz falına inanırsınız?
– Bəli, – qadın cavab verdi, – mən hər şeyə azacıq inanıram.
Bir dəfə Ustad zorlanması barədə polisə müraciət edən bir qadın haqqında danışdı.
– Təcavüzkarı təsvir edin, – deyə müstəntiq ondan xahiş etmişdi.
– Əvvəla, o, kütbeyinin biridir.
– “Kütbeyin” söylədiniz, xanım?
– Əlbəttə. O heç nə bacarmır, ona kömək etməli oldum!
Ustadın əlavəsindən sonra əhvalat daha heç kimə məzəli görünmədi:
– Hər dəfə kimdənsə inciyəndə ona nə ilə kömək etdiyinizi xatırlayın.
Ustadın dedikləri etiraz dalğası yaratdı, ona görə də sözünə davam etdi:
– Təhqiri qəbul etməkdən imtina edən adamın xətrinə dəymək olarmı?
Ustad daima öz halına acıyan və ya özünü danlayan adamları kəskin tənqid edərək deyirdi:
– Səhvə yol vermək qorxulu deyildir, ta o vaxtadək ki, inadla onu özünə xatırlatmağa başlayırsan.
***
Səhv iş görəcəyindən çox qorxan şagirdə Ustad dedi:
– Ən böyük səhvi o kəs edir ki, heç səhv etmir, – deməli o, yeniliyə can atmır.
Ustad hər növ konsepsiyalara mənfi yanaşır və “konsepsiyasız biliyi” müdafiə edirdi. Bir dəfə yanına bu məsələ ilə bağlı öz narazılığını bildirmək istəyən bir alim gəldi: o fikirləşirdi ki, bu cür yanaşma elmi nüfuzdan salır.
Ustadın elmə qarşı olmadığını alimə izah etmək xeyli vaxt apardı. Sonda Ustad:
– Amma yenə də, yaxşı olar ki, öz arvadımızı elmi konsepsiya nöqteyi-nəzərindən tanımayaq, – demişdi.
Daha sonra şagirdlərlə söhbət edərkən o, fikrini bir qədər də konkretləşdirdi:
– Konsepsiyalar müəyyənlik yaradır, – dedi.
– Müəyyənləşdirmək dağıtmaq deməkdir. Doktrinalar Gerçəkliyi parçalayır. Parçalamaqla isə siz onu öldürürsünüz.
– Bundan belə bir qənaətə gəlmək olar ki, nəzəriyyələr faydasızdır?
– Xeyr. Qızılgülü parçalayaraq biz dəyərli məlumatlara yiyələnə bilərik, lakin gülün özü haqda heç bir şey öyrənməyəcəyik. İnsan alim olarkən çoxlu biliklər əldə edir, lakin o, Gerçəkliyin özü barədə heç bir şey bilmir.
İnsanlar qısqanclıq, həyəcan, inciklik, günah kimi neqativ hislərdən ayrılmaq istəmirlər, çünki bu onların eqosunu[2 - eqo – psixoanaliz nəzəriyyəsinə əsasən, insan şəxsiyyətinin “Mən” kimi dərk edilən hissəsi.] qidalandırır, onlarda həyatın dolğunluğu təəsüratını yaradır, – deyən Ustad nümunə kimi bu əhvalatı danışdı:
“Kənd poçtalyonu çəmənliyi velosipedlə keçirdi. Yolun yarısında bir öküz onu görüb dalınca düşür. Yazıq güc-bəla ilə özünü hasara çatdıra bilir.
– Bir az da geciksəydin, səni yaxalayacaqdı, – səhnəni seyr edən Ustad ona dedi.
– Hə, – poçtalyon təngnəfəs halda cavab verdi, – hər dəfə də belə olur”.
Günahlarını etiraf etmək üçün kilsəyə getdiyini söyləyən dindar qadına Ustad:
– İnana bilmirəm ki, sən ağır bir günaha batasan, – dedi. – Sən nəyi etiraf etdin ki?
– Bir dəfə bazar günü ibadətinə getməyə tənbəllik etmişdim, bir dəfə isə bağbanla dalaşmışdım. Hələ bir dəfə də qayınanamı evdən qovmuşdum.
– Amma bu, beş il əvvəl baş verib, elə deyilmi? O vaxtdan bəri sən, yəqin ki, günahlarını etiraf etmisən.
– Hə, etmişəm. Ancaq mən bunu hər dəfə təkrarən edirəm. Bunu xatırlamaq, sadəcə, mənim xoşuma gəlir.
Ustad iddia edirdi ki, insanların əksəriyyəti Real həyatda deyil, öz ağlı ilə yaratdıqları həyatda yaşayır.
Bir alim bu məsələ ilə bağlı mübahisə etməyə gələndə Ustad iki çubuğu yerdə “T” hərfi şəklində qoyaraq soruşdu:
– Burada nə görürsən?
– “T” hərfini – alim cavab verdi.
– Elə də bilirdim, – Ustad söylədi. – Təbiətdə heç bir “T” hərfi yoxdur; olan ancaq sənin beynindəki işarədir. Burada isə sadəcə olaraq iki dənə qırıq budaq qoyulmuşdur.
– Siz Gerçəklik barədə danışarkən, – Ustad dedi, – sözlərlə izah edilə bilinməyəni təsvir etməyə çalışırsınız. Buna görə də təəccüblü deyil ki, sizin dedikləriniz səhv başa düşülə bilər. Bax buna görə də həyata İncil gözü ilə baxan insanlar vaxt keçdikcə axmaq və qəddar olurlar: onlar sağlam düşüncəyə deyil, özlərinin Müqəddəs yazıları nə cür başa düşdüklərinə əməl edirlər.
Və sonra dediklərinə maraqlı bir pritça ilə bu cür illüstrasiya verdi:
“Kənd dəmirçisi özünə ağır işi minimal qiymətə yerinə yetirməyə razı olan bir köməkçi tapdı. Dəmirçi ilk gündən cavan oğlanı öyrətməyə başladı:
– Mən metal parçasını oddan çıxarıb zindana qoyduqdan sonra sənə başımla işarə verəcəyəm. Sən də həmin vaxt çəkiclə onu vur.
Şagird başa düşdüyü kimi etdi.
Növbəti gün o, kənd dəmirçisi oldu”.
Ateist:
– De görüm, doğrudan da, Tanrı mövcuddurmu?
Ustad:
– Əgər səninlə tam səmimi olmağımı istəyirsənsə, onda cavab verməyəcəyəm.
Bir müddət sonra şagirdləri ondan cavab verməməyinin səbəbini soruşdular.
– Bu sualın cavabı yoxdur, – Ustad dedi.
– Deməli, sən ateistsən?
– Əlbəttə, yox. Ateist sözlərlə ifadəsi mümkün olmayanı inkar etməklə səhvə yol verir.
Dediklərini dərk etsinlər deyə qısa fasilə gözlə-dikdən sonra əlavə etdi:
– Teist, əksinə, sözlərlə ifadəsi mümkün olmayanı təsdiq etməklə səhvə yol verir.
– Sənin sakitliyinin sirri nədədir?
– Qaçılmaz olanla tam barışmağımda, – Ustad cavab verdi.
***
– Xoşbəxt olmaq üçün nə etmək lazımdır?
– Malik olduğunla qənaətlənməyi öyrənmək lazımdır.
– Bəs, ümumiyyətlə, nəyi isə arzulamaq olar?
– Olar, – Ustad cavab verdi, – əgər özünü bir dəfə doğum evində rast gəldiyim bir ata kimi aparsan. Tibb bacısı ona demişdi:
– Bilirəm ki, oğlan arzusunda idiniz, lakin sizin qızınız oldu.
– Əşi, heç nə olmaz, hər şey normaldır. Axı mən onsuz da düşünürdüm ki, əgər oğlan olmasa, yəqin, qız olacaq.
Xeyli yaşı olan bir şagird evinin yandığını eşidib oraya qaçdı. Qayıtdıqdan sonra hər kəs ona təskinlik verməyə başladı.
Ustad isə yalnız bunu dedi:
– Əvəzində indi ölmək daha asan olacaq.
Məbəd üçün daha geniş bina tikmək ehtiyacı yarananda bir sahibkar milyon dollarlıq çek yazaraq Ustadın qabağına qoydu. O isə çeki götürərək dedi:
– Çox yaxşı. Mən bunu qəbul edirəm.
Sahibkar məyus oldu. Məbləğ çox böyük idi, Ustad isə heç ona təşəkkür də etmədi.
– Mən milyon dollarlıq çek yazdım, – deyə sahibkar Ustadın diqqətini cəlb etmək istədi.
– Hə, mən gördüm.
– Düzdür, mən zənginəm, amma milyon dollar böyük məbləğdir.
– Sənə təşəkkür etməyimi istəyirsən?
– Məncə, siz bunu etməlisiniz.
– Mən niyə? Verən təşəkkür etməlidir, – Ustad dedi.
***
Ustadın sosial təminat sisteminə münasibəti təəccüb doğururdu. O gah bunu qətiyyətlə müdafiə edir, gah da ona laqeyd yanaşırdı.
Bu cür qeyri-sabit olmağına verdiyi izah da çaşqınlıq yaradırdı. O deyirdi:
– Yaxşılıq etmək istəyən gərək bütün qapıları döysün. Sevən kəsə isə qapılar həmişə açıqdır.
Şagirdlər mötəbər bir jurnalda Ustadın təliminin lağa qoyulduğunu eşidəndə məyus oldular.
Ustad isə kefini pozmadan:
– Heç kimin gülmədiyi bir şey həqiqi ola bilərmi? – dedi.
– Aydınlanmış insan üçün, – Ustad dedi, – dünya mövcud olduğu vəziyyətdə də mükəmməldir.
– Bəs bağban? – kimsə soruşdu. – O da mükəmməldir?
Məbədin bağbanı qozbel idi.
– Əgər onun həyatdakı qisməti budursa, onda bağban mükəmməl qozbeldir.
***
Şagirdlər həyatda hər şeyin mükəmməl olduğunu heç cür qəbul edə bilmirdilər. Ona görə də Ustad daha aydın dildə izah etməli oldu:
– Həyatımızın və hətta bizim günahlarımızın iplərindən Tanrı çox gözəl naxışlar toxuyub. Lakin biz bunu görmürük, çünki xalçanın yalnız astarına baxırıq.
Bir qədər də lakonik şəkildə əlavə etdi:
– Çoxlarının parıldayan daş parçası zənn etdiyində zərgər brilyant görür.
Ustad deyirdi ki, insanın əzab çəkməyinin səbəbi onun dünyada dəyişdirilə bilməyən heç nəyin olmamasına inamındadır.
Əsasən də bir nəfərin mağaza sahibinə dediyi bu sözləri xatırlatmağı sevirdi:
– Mənə satdığınız radionun səslənmə keyfiyyəti çox yaxşıdır, ancaq mən onu başqası ilə əvəz etmək istərdim – daha maraqlı verilişlər yayımlayanla.
– Sən məhz nəyi tapmağa can atırsan?
– Rahatlığı, – ziyarətçi cavab verdi.
– Öz eqosunu müdafiə etməyə çalışanlara əsl Rahatlıq təkcə narahatlıq gətirir.
Ustad ona baxmağa və ondan xeyir-dua istəməyə gələn bir qrup dini fanatikə bic təbəssümlə demişdi:
– Qoy İlahi Rahatlıq sizə heç vaxt rahatlıq verməsin!
Səyahətdən qayıdan Ustad başına gələn və onun fikrincə, həyatın metaforası ola biləcək bir əhvalat danışdı:
“Bir dəfə qısa müddətlik dayanacaq zamanı o, rahat bir kafeyə yollandı. Menyuda dadlı şorbalar, müxtəlif souslar və digər cəlbedici xörəklər vardı.
Ustad şorba sifariş etdi.
– Siz bu avtobusdansınız? – ofisiant qadın nəzakətlə maraqlandı.
Ustad başı ilə təsdiqlədi.
– Onda şorba yoxdur.
– Bəs buğda bişirilmiş düyü və kerri sousu? – təəccüblənmiş Ustad soruşdu.
– Əgər siz bu avtobusdansınızsa, yoxdur. Təkcə sendviç sifariş edə bilərsiniz. Xörəklərin hazırlanma-sına bütün səhərimi sərf etmişəm, sizinsə on dəqiqədən çox vaxtınız qalmayıb. Mən imkan verə bilmərəm ki, vaxtınızın darlığından dadını layiqincə qiymətləndirə bilməyəcəyiniz xörəyi yeyəsiniz”.
Ustadda dəbdəbəlikdən əsər-əlamət yox idi. Onun nitqi elə hey qəfil və kəskin gülüşlərlə müşayiət olunurdu, bu isə dini məsələlərə və özünə ciddi yanaşanları karıxdırırdı.
– Bu adam əsl kloundur! – məyus olmuş bir ziyarətçi bildirdi.
– Yox-yox, – şagird etiraz elədi. – Sən əsas olanı başa düşməmisən: kloun səni məcbur edir ki, ona güləsən, Ustad isə özün özünə.
– İlahi qüvvənin varlığına inanmağı necə öyrənmək olar?
– İlahi qüvvəyə inanmaq, – Ustad cavab verdi, – cibində qara qəpik olmadan bahalı restorana gedib özünə bir düjin dəniz ilbizi sifariş vermək və sonra da onların arasında yeməyin pulunu ödəmək üçün mirvari tapacağına ümid etməyə bənzəyir.
Ustadın hər cür sitayişlərə laqeyd münasibəti şagirdləri heyrətləndirirdi.
– Özünüzə sitayiş üçün bir obyekt tapın və o sizi, həqiqətən, vacib olandan – məhəbbətə aparan şüurdan yayındıracaq – deyə Ustad təkrarlamağı sevirdi.
Sözlərinin sübutu kimi “Allah, Allah!” deyə qışqıran, amma bu zaman tamamilə şüursuz olaraq pislik edən adamları qınayan İsanı misal gətirirdi.
Şagird Ustada pərəstiş edir və onu Tanrının həqiqi təcəssümü sayırdı.
– Mənə izah et, Ustadım, – o soruşdu, – sən bu dünyaya nə üçün gəlmisən?
– Sənin kimi axmaqlara vaxtlarını Ustadlara pərəstiş etməklə boş yerə itirməməyi öyrətmək üçün.
***
Bir dəfə Ustad ona çox böyük ehtiram bəsləyən şagirdə banan verdi, şagird isə bu hədiyyəyə elə həyəcanla yanaşdı ki, onunla nə edəcəyini də bilmədi.
Ustada bu haqda xəbər verəndə özünəxas açıqlıqla dedi:
– O axmağa deyin ki, onu yesin.
Təzə şagird yoldaşlarının birindən soruşdu:
– Nəyə görə məbəddə Ustadın yanında yaşamağım mənə, demək olar ki, heç nə vermir?
– Bəlkə, bu, ona görə belədir ki, sən məbədə ondan mənəvi keyfiyyətlər əxz etməyə gəlmisən?
– Bəs deyə bilərsənmi, sən özün bura nə üçün gəlmisən?
– Onun səndəllərini necə bağladığına baxmaq üçün.
***
Ustadın ən adi işləri necə yerinə yetirməsini – oturmasını, yaxud gəzməsini, çay içməsini, ya da milçək qovmasını müşahidə etmək maraqlı idi. O hər şeyi qəribə bir zərifliklə edirdi və adama elə gəlirdi ki, Ustad Təbiətlə elə bir harmoniyadadır ki, sanki bu hərəkətləri o deyil, Kainatın özü yerinə yetirir.
Bir dəfə ona banderol gəldi. Şagirdlər sanki tilsimlənmiş halda, böyük heyranlıqla onun hərəkətlərini – ipin düyününü necə boşaltmasını, kağızı açmasını və orada olanı üzə çıxarmasını seyr edirdilər: – sanki bu, adi bağlama deyil, canlı bir məxluq idi.
– Bir dəfə dərk edəcəksən ki, artıq sahibi olduğun şeyi axtarırsan, – deyə Ustad hər işdə çox səy göstərən şagirdə bildirdi.
– Bunu bəs indi niyə dərk etmirəm?
– Çünki sən çox cəhd edirsən.
– Onda nə edim, heç səy göstərməyim?
– Sakit ol və gözlə, hər şeyin öz vaxtı var.
Tanrının dostluğunu və ya mərhəmətini qazanmaqdan ötrü yaxşılıq edən adamlara Ustad, adətən, bu əhvalatı danışırdı:
“Böyük bir insan kütləsi sabun istehsal edən şirkətin “Kadillak” markalı maşın qazanmaq üçün apardığı müsabiqədə iştirak edirdi.
İştirakçılardan soruşurdular:
– “Cənnət ətri” sabunu nə üçün xoşunuza gəlir?
Bir qadın səmimi etiraf etdi:
– “Kadillak”ım olmağını istədiyim üçün”.
– Artıq dörd aydır, sənin yanına gəlirəm, amma sən hələ mənə heç bir üsul, texnika öyrətməmisən.
– Üsul? – Ustad soruşdu. – Deyə bilərsənmi, sənə necə üsul lazımdır?
– Elə üsul ki, onun köməyi ilə mən daxili azadlığa nail ola bilim.
Ustad ucadan güldü:
– Doğrudan da, çox böyük məharətə sahib olmaq lazımdır ki, üsul adlandırılan tələnin köməyi ilə azadlıq əldə edəsən.
Şagirdlərdən biri belə fikir irəli sürdü ki, Ustadın öz dini təcrübələrini mükəmməlləşdirmək vaxtı yetişib. Bunu eşidən Ustad ucadan güldü və bir tələbə haqqında bu hadisəni danışdı.
– Sizin anatomiyaya aid daha müasir nəşriniz yoxdur? Təklif etdiyiniz bu kitabın azı on yaşı var, – deyə tələbə kitab dükanının satıcısına müraciət etdi.
– Qulaq as, oğul, son on ildə insan bədənindəki sümüklərin sayı artmayıb, – satıcı cavab verdi.
– Və son on min ildə də heç nə artmayıb, – Ustad əlavə etdi.
Vaiz məşhur natiq kimi tanınırdı. Amma bir dəfə dostlarına etiraf etmişdi ki, onun natiqliyi öz effektliyinə görə Ustadın azsözlü mülahizələri ilə müqayisə edilə bilməz.
Ustadın yanında bir həftə qaldıqdan sonra bu sirri tapmışdı.
– Ustad danışanda onun sözləri sükut yaradır. Mənim nitqimsə, təəssüf ki, fikir yaradır.
***
Sanskrit[3 - sanskrit – Hind-Avropa dillərinə mənsub olan qədim hind ədəbi dillərindən biri.] dilini öyrənən alim Ustadın sanskritcə necə ahəngdar şeir söyləməsinə heyran olmuşdu.
– Mən həmişə bilirdim ki, yer üzündə İlahiliyi sanskritdən daha gözəl ifadə edə bilən dil yoxdur!
– Axmaq olma! – Ustad ona dedi. – İlahiliyin dili sanskrit deyil, Səssizlikdir.
***
Bir dəfə Ustad bir tapmaca verdi:
– Rəssam və musiqiçi ilə sufi arasında ümumi olan nədir?
Cavabı bilən olmadı.
– Hər üçü bilir ki, ən mükəmməl nitqi söz yaratmır, – Ustad dedi.
Ustad rəssama dedi:
– Uğura nail olmaqdan ötrü hər bir rəssama, yaxud bəstəkara uzun müddət səylə çalışmaq lazımdır. Bəzilərinə bu zəhmət zamanı öz eqosundan qurtulmaq nəsib olur. Və belə hallarda da şah əsər yaradılır.
Bir qədər keçdikdən sonra şagird Ustaddan soruşdu:
– Ustad kimdir?
– O kəs ki, eqosundan azad ola bilib. Belə adamın həyatı şah əsərdir, – Ustad cavab verdi.
Ustad həmişə deyirdi ki, Həqiqət gözlərimiz önündədir, lakin onu görməyimiz üçün bizə perspektiv çatışmır.
Bir dəfə dağa gedərkən Ustad şagirdini də özü ilə götürdü. Yolun artıq yarısı arxada qaldıqda şagird ətrafı nəzərdən keçirərək məyus halda dedi:
– Hə, indi hanı bəs barəsində həmişə danışdığın gözəl peyzaj?
Ustad gülümsəyərək cavab verdi:
– Sən o gözəlliyin düz ortasında dayanmısan və dağın zirvəsinə çatanda özün buna əmin olacaqsan.
– Ölkəmə qayıtdıqdan sonra mən özümə layiqli Müəllimi haradan tapa biləcəyəm?
– Onu axtarmağına ehtiyac yoxdur. O, həmişə sənin yanındadır.
Şagird heyrətə gəldi.
– Sadəcə, ətrafdakılara verdiyin reaksiyanı müşahidə et – quşlara və ağacların yarpaqlarına, göz yaşına və gülüşə – və onda hər şey sənin Müəllimin olacaq.
Ustadı etiket və xoş davranış tərzinin müdafiəçisi adlandırmaq olmazdı, amma insanlarla ünsiyyətində həmişə özünə təbiətən xas olan ədəb və nəzakətini göstərirdi.
Bir axşam Ustadı maşınla evinə aparan şagirdi yolda polisə qarşı kobudluq etdi. Özünə bəraət qazandıraraq dedi:
– Mən necəyəmsə, elə də olmaq istəyirəm və qoy hamı mənim nə hiss etdiyimi bilsin. Nəzakət havanın tərpənməsi kimi boş bir şeydir.
– Bu elədir, – Ustad gülümsəyərək razılaşdı, – ancaq bizim maşınımızın təkərləri məhz hava ilə doludur və görürsən, zərbəni yumşaltmağa o necə kömək edir.
Ustad, adətən, çox danışmazdı, ancaq söhbət sözlərin heyranedici gücündən düşdükdə o, gözəl natiqə çevrilirdi:
– Sözlərdən ehtiyat edin, – o deyərdi, – elə ki siz ehtiyatı əldən verdiniz, onlar öz həyatlarını yaşamağa başlayır; onlar sizin gözünüzü qamaşdıracaq, sizi hipnoz edəcək, terrora məruz qoyacaq, sizi reallıqdan uzaqlaşdıracaq və məcbur edəcək ki, elə onların özünü gerçəklik kimi qəbul edəsiniz.
Sizin gördüyünüz dünya uşaqların qavradığı Aləm deyil; sizin dünyanız fraqmentlərə bölünüb, sözlərinizlə minlərlə hissəciklərə parçalanıb…
Sanki okeanın hər bir dalğası müstəqildir və okeanın özündən ayrılıqda mövcuddur.
Sözlər və fikirlər susanda Kainat çiçəkləyir, o, real, bütöv və vahid olur; sözlər isə nə olmalıdılarsa, ona çevrilir: partituraya, amma musiqiyə yox; menyuya, amma xörəyə yox; yolda işarəyə, amma yolun sonuna yox.
Bir dəfə Ustad sözlərin hipnozedici gücündən danışırdı. Arxa sıralardan kimsə yerindən səsləndi:
– Sən cəfəngiyyat danışırsan! Məgər durmadan “Allah, Allah, Allah” deyə təkrarlasan, müqəddəs adama dönərsən? Ya da elə hey “Günah, Günah, Günah” deyən adam günahkara çevrilir?
– Otur yerinə, alçaq! – Ustad onun sözünü kəsdi.
Həmin adam çox hiddətləndi. Ən pis söyüşlər yağdırmağa başladı və xeyli vaxt özünə gələ bilmədi.
Peşman olmuş kimi görünən Ustad dedi:
– Bağışlayın məni… özümdən çıxdım. Buna görə səmimi qəlbdən sizdən üzr istəyirəm.
Şagirdin hirsi o dəqiqə soyudu.
– Bu da sənə cavab, – Ustad nəticə çıxardı. – Tək bircə sözə görə sən özündən çıxdın, digərinə görə isə sakitləşdin.
Hökmdar öz möhtəşəm iqamətgahını tərk edib Ustadın yanına gəldi və ona dərs keçməsini tələb etdi.
– Sən məndən nəyi öyrənmək istəyirsən? – Ustad soruşdu.
– Müdrikliyi.
– Ah, dost! Mən bunu böyük məmnuniyyətlə edərdim, ancaq bir əngəl var!
– Hansı?
– Müdrikliyi öyrətmək mümkün deyil.
– Deməli, burada öyrənəcəyim heç nə yoxdur.
– Müdrikliyi öyrənmək olar. Lakin onu öyrətmək olmaz.
Kimsə Ustaddan bəxtə inanıb-inanmadığını soruşdu.
– Əlbəttə, – Ustad göz vuraraq cavab verdi. – Əks halda, sevmədiyin insanların uğurlarını necə izah etmək olar?
***
Məhəbbət qavrayışı təhrif edir – Ustad bunu tez-tez deyirdi.
Bir dəfə şagirdlər bu sözlərin düzgünlüyünü sübut edən söhbətin şahidi oldular. Ustad bir qadından qızının necə yaşadığını soruşurdu.
– Mənim sevimli qızım! O çox xoşbəxtdir! Onun elə gözəl əri var! Qızıma maşın bağışlayıb, zinət əşyaları alıb, onun üçün qulluqçular tutub. Səhər yeməyini özü onun çarpayısına gətirir, qızım isə hər gün günortadan qabaq yerindən qalxmır. Ər deyil, əsl şahzadədir!
– Bəs oğlunun vəziyyəti necədir?
– Ah, mənim yazıq oğlum! Elə deyingən arvadı var ki! Oğlum onun üçün nə istəyirdisə, edib; maşın, zinət əşyaları alıb, bir ordu qulluqçu tutub. O isə günortayacan yatağında sərilib qalır! Heç ərinə səhər yeməyi hazırlamaq üçün də qalxmır!
Hamı təzə xəbəri müzakirə edirdi: çox dindar olan bir adam intihar edib.
Məbəddə intihar edənin əməli təqdir edilmədi, lakin bəziləri onun imanına heyranlıqlarını dilə gətirməyə başladı.
– Onun imanı? – Ustad soruşdu.
– Axı o öz qərarında mətin olub, elə deyilmi?
– Bu, fanatizmdir, iman yox. İman daha çox mətinlik tələb edir: öz qənaətlərini nəzərdən keçirmək və faktlara uyğun gəlmirsə, onlardan imtina etmək.
Ustad hələ uşaq olarkən məktəbdə onu dalaşqan sinif yoldaşı tez-tez incidirdi.
Böyüdükdən sonra peşman olan həmin adam məbədə gəldi. Ustad onu çox gülərüz qarşıladı.
Bir dəfə yoldaşı özünün o vaxtkı kobud rəftarından söhbət açdı, ancaq Ustad özünü elə göstərdi ki, guya heç nəyi xatırlamır.
– Doğrudan, heç nə yadında deyil? – deyə dostu soruşdu.
– Niyə ki, mən bunu unutduğumu aydın şəkildə xatırlayıram! – cavabı gəldi və hər ikisi güldü.
Yaxınlıqdakı meşənin yanğın nəticəsində məhv olduğunu eşidən Ustad bütün şagirdlərini yanına yığdı:
– Biz sidr ağacları əkərək meşəni bərpa etməliyik.
– Sidr ağacları? – şagirdlər təəccübləndi. – Axı onların böyüməsi üçün iki min il lazım olacaq!
– Belə olan halda bir dəqiqə də ləngiməyək. Dərhal işə başlamaq lazımdır.
Bir şagirdə sual verdilər:
– Ustadın yanına niyə gedirsən? O sənə yaşamaq üçün pul qazanmağa kömək edir?
– Xeyr, ancaq mən pul qazananda Ustadın köməyi sayəsində həyatımla nə edəcəyimi biləcəyəm.
– Sənin dini liderlərin sənin özün kimi kordurlar və başlarını itirmişlər, – Ustad dedi. – Həyatın çətinlikləri ilə qarşılaşdıqda İncildən hazır cavablar axtarırlar. Lakin həyat həddindən artıq genişdir və hər hansı bir kitaba sığa bilməz.
Sözlərinin sübutu kimi Ustad soyğunçu haqqında danışdı:
– Bu, soyğundur! Pul, ya da başqa bir şey! – deyə cani qışqırdı.
– Konkret olaraq nə?
– Məni çaşdırma. Bu mənim ilk işimdir!
– Ustad dünyada şərin olmasını necə izah edir? – ziyarətçi soruşdu.
Şagirdlərdən biri cavab verdi:
– Heç cür izah etmir. O, çox məşğuldur, hələ bir bununla da məşğul olmağa vaxtı yoxdur.
Başqa şagird əlavə etdi:
– İnsanlar ya daim dünya ilə mübarizə aparırlar, ya da darıxmaqdan üzülürlər. Ustad dünyanı valehedici, ecazkar, dərkedilməz hesab edir – o, sadəcə, dünyaya vurğundur.
Ustad uzun müddət idi ki, bir qrup müəllimlə qızğın söhbət edirdi, axı onun özü də nə vaxtsa müəllim olmuşdu. Müəllimlərin problemi bundadır ki, onlar təhsilin vəzifəsinin bilik yığmaqda deyil, həyatın özünü dərk etməkdə olduğunu həmişə unudurlar.
Ustad bir dəfə çay sahilində bir oğlan uşağına rast gəlməyindən danışdı. Uşaq balıq tuturdu.
– Salam! – Ustad salamlaşdı. – Balıq tutmaq üçün yaxşı gündür!
– Çox, – oğlan razılaşdı.
Bir qədər sonra Ustad soruşdu:
– Bəs sən nə üçün bu gün məktəbə getməmisən?
– Axı, cənab, siz özünüz bayaq dediniz ki, bu gün balıq tutmaq üçün yaxşı gündür.
Ustad həmçinin balaca qızı Minanın bir gün məktəbdən gətirdiyi xasiyyətnamədən danışdı:
“Dərslərini yaxşı oxuyur. Və bir qədər də yaxşı ola bilərdi, əgər buna bir şey mane olmasaydı – o, həyata həddindən çox sevinir”.
Vaiz ehtiramla: – Qanun Tanrı iradəsinin müqəddəs ifadəsidir və hörmət edilməli və sevilməlidir, – söylədi.
– Cəfəngiyyatdır, – Ustad etiraz etdi. – Qanun qaçılmaz şərdir və minimum dərəcəyədək azaldılmalıdır. Mənə qanunu sevən bircə nəfər göstər və mən sənə qanmaz tiranı göstərim.
Bir dəfə o, bacısı haqqında danışdı. Qadın balaca qızının oturduğu arabanı itələməkdən bezərək ona kiçik mühərrik qoşmuşdu. Həmin andaca polislər peyda olmuşdu. Qadına bildirmişdilər ki, mühərrikli uşaq arabası saatda beş kilometrədək sürətlə gedir, deməli, “özü hərəkət edən nəqliyyat vasitəsi”dir. Buna görə də ana gərək dərhal motovasitəsinə sahiblik haqqında sənəd, nömrə, fara, əyləc əldə etsin və nəhayət, sürücülük vəsiqəsi alsın!
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289532) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
aydınlanma – buddizmdə dini anlayış: qəflətən yaranan şüur aydınlığı, reallığın təbiətini bütövlüklə və tam şəkildə dərketmə. Aydınlanmış – aydınlanma məqamına çatmış (adam).
2
eqo – psixoanaliz nəzəriyyəsinə əsasən, insan şəxsiyyətinin “Mən” kimi dərk edilən hissəsi.
3
sanskrit – Hind-Avropa dillərinə mənsub olan qədim hind ədəbi dillərindən biri.