KAPİTAL. Siyasi iqtisadın tənqidi

KAPİTAL. Siyasi iqtisadın tənqidi
Karl Marks
Alman filosofu, siyasətçisi, marksizm nəzəriyyəsinin banisi, Karl Marks bütün həyat işi hesab etdiyi «Kapital» əsərində kapitalizmin bütün əsas iqtisadi kateqoriyalarının təhlilini vermiş və bununla da dünya istehsal tarixində misli görünməmiş kəşf etmişdir. Əsərin birinci cildində bilavasitə kapital istehsalı prosesini, ikinci cilddə tədavül prosesini, üçüncü cilddə bütövlükdə götürülmək şərtilə kapitalist istehsalı prosesini öyrənmişdir.
«Kapital» – müasir kapitalizm cəmiyyətinin iqtisadi quruluşunu, yəni kapitalist istehsal üsulunun anatomiyasını öyrədən bir kitabdır.
Əsərin əsası sayılan birinci cildini sizə təqdim edirik.

Karl Marks
KAPİTAL. Siyasi iqtisadın tənqidi. I kitab – Kapital istehsalı prosesi



Unudulmaz dostum
Vilhelm Volfa
ithaf olunur


ƏN BÖYÜK MÜTƏFƏKKİRİN ƏN BÖYÜK ƏSƏRİ HAQQINDA
Marks XIX–XX əsrlərdə dünya tarixinə ən çox təsir edən şəxsiyyətdir.
    Jacques Attali
Hələ sağ ikən Marksın ideyalarını bir sıra müəlliflər dahiyanə adlandırır, bəziləri isə bir o qədər şiddətlə tənqid edirdilər. «Kapital» (tam adı – «Kapital. Siyasi iqtisadın tənqidi»; alm. Das Kapital. Kritik der politischen Ökonomie) (I cild – «Kapital istehsalı prosesi») ilk dəfə işıq üzü görməsindən (1867) demək olar ki, 150 il keçməsinə baxmayaraq Marksın ideyaları nəinki köhnəlib, aktuallığını itirib yaddan çıxdı, əksinə onun opponentlərinin əks arqumentləri getdikcə tükənməyə başladı. Artıq bu gün qətiyyətlə söyləmək olar ki, Marksın əsas ideyaları tarixi inkişafın son mərhələlərini dəf edərək müasir dövrün aparıcı ideologiyalarından birinə, bəlkə də birincisinə çevrildi.
«BBC»nin 1999-cu ildə keçirdiyi İnternet sorğusuna görə Marks ikinci minilliyin ən dahi mütəfəkkiri seçilib. ABŞ-ın ən iri kitabxanası olan «Konqres kitabxanası»nın kataloq göstəricilərinə görə isə Marks ona həsr olunmuş elmi əsərlərin sayına görə dünyada liderdir. Elə bu meyara görə də Marks tarixdə ən çox öyrənilən 100 şəxsiyyətin başında durur.
«Kapital» Marksın siyasi iqtisad üzrə baş əsəridir. Əsərdə dialektik-materializm yanaşması ilə kapitalizm təsərrüfatı başdan ayağa kritik analiz olunub.
«Kapital» – iqtisadiyyat elminin klassik əsəri kimi dəyərin əmək nəzəriyyəsi mövqeyindən yazılıb. Bir sözlə ifadə etmək olarsa Marks iqtisadi kateqoriya olan dəyərə – əmtəə (kapital) istehsalında ictimai zəruri əhəmiyyət daşıyan əmək baxımından yeni tərif verib.
«Kapital» tarixi bir missiya yerinə yetirərək klassik siyasi iqtisad elmini (neoklassik siyasi iqtisadla səhv salmayın) başa çatdırıb.
«Kapital»ı XX əsrdə dünyada gedən qlobal tarixi proseslərə ən çox təsir edən əsər hesab etmək olar.
«Kapital»ın qızıl xətti ondan ibarətdir ki, tarix insan əməyi nəticəsində yaranıb. Bütün tarix boyu bir qrup insan (burjuaziya), istehsal vasitələrinə sahib çıxaraq bundan məhrum olan əməkçiləri (proletariat və ya fəhlələri) aşağı sosial sinif nümayəndələri kimi işlədərək müxtəlif məhsullar istehsal edib. Marksa görə istismar edilən qrupla (2-cilər) onları istismar edənlər (1-cilər) arasında daim müxtəlif miqyaslı mübarizə (konflikt) olub.
Əsərdə ən çox söhbəti gedən izafi dəyər anlayışı əslində Marks tərəfindən kəşf olunmayıb, ondan qabaq Adam Smith və David Ricardo bu kateqoriyaya diqqət yetirib, hətta onun haqqı ödənilməyən əmək olduğunu iddia etmişlər, başqa heç bir şey… Marks isə izafi dəyərin tərifini vermək üçün əvvəlcə dəyər anlayışını analiz etmiş, izafi dəyərin haqqı ödənilməyən əmək deyil, mənimsənilən işçi qüvvəsi olduğunu sübut etmişdi. İzafi dəyərin izahını verərkən müəllif pul və əmtəə kateqoriyalarını da elə tam araşdırmışdır ki, sonradan həmin nəzəriyyələri hətta Marksın opponentləri də qəbul etmişlər.

    Kitab Klubu

BİRİNCİ KİTAB
KAPİTAL İSTEHSALI PROSESİ


BİRİNCİ BÖLMƏ
ƏMTƏƏ VƏ PUL

BİRİNCİ FƏSİL
ƏMTƏƏ

1. ƏMTƏƏNİN İKİ AMİLİ: İSTEHLAK DƏYƏRİ VƏ DƏYƏR (DƏYƏR SUBSTANSIYASI, DƏYƏR KƏMİYYƏTİ)
Kapitalist istehsal üsulunun hökm sürdüyü cəmiyyətlərin sərvəti «külli əmtəə yığını»[1 - Karl Marks, “Siyasi iqtisadın tənqidinə dair”. Berlin 1859] kimi, ayrıca bir əmtəə isə bu sərvətin bəsit forması kimi meydana çıxır. Buna görə də bizim tədqiqatımız əmtəənin təhlilindən başlanır.
Əmtəə hər şeydən əvvəl zahiri bir predmetdir, öz xassələri sayəsində müəyyən insan tələbatını ödəyən bir şeydir. Bu tələbatın təbiəti, – bu tələbatı, məsələn, mədə və ya xəyalınmı doğurması, – məsələni əsla dəyişdirmir.[2 - “Arzu tələbatdan doğur, arzu ruhun iştahasıdır və acmaq bədənə xas olduğu kimi o da ruha bir o qədər xasdır… şeylərin çox hissəsinin ona görə dəyəri vardır ki, ruhun tələbatını ödəyir” Nicholas Barbon] İş həmçinin bunda da deyildir ki, həmin şey insan tələbatını məhz necə: yaşayış vasitəsi, yəni istehlak şeyi kimi bilavasitə ödəyir, yoxsa istehsal vasitəsi kimi dolayı yolla ödəyir.
Hər bir faydalı şeyə, məsələn, dəmirə, kağıza və i. a., iki nöqteyi-nəzərdən: keyfiyyət və miqdar cəhətdən baxmaq olar. Hər bir belə şey bir çox xassələrin məcmusudur və buna görə də özünün müxtəlif cəhətləri ilə faydalı ola bilər. Şeylərin bu müxtəlif cəhətlərini və, deməli, onların işlədilməsinin müxtəlif üsullarını aşkara çıxarmaq tarixi inkişafın işidir.[3 - “Şeylərin öz daxili xassəsi vardır” (bu istehlak dəyərinə Barbonun verdiyi xüsusi addır) və bu xassə hər yerdə dəyişməz qalır; məsələn maqnitin cəzb etmək qabiliyyəti] Faydalı şeylərin miqdar cəhəti üçün ictimai ölçülər axtarıb tapmaq haqqında da eyni sözləri demək lazım gəlir. Əmtəə ölçülərinin fərqləri qismən ölçülən şeylərin özlərinin müxtəlif təbiəti ilə müəyyən olunur, qismən də şərtidir.
Şeyin faydalılığı onu istehlak dəyəri edir[4 - Hər hansı bir şeyin təbii dəyəri (natural worth) insan həyatının tələbatını ödəmək və ya rahatlığına xidmət etmək qabiliyyətindədir. John Locre. "Some Considerations of the Consequences of the Lowering of Interest. 1691, in. "Works", London. 1777, v. II, p. 28) XVIII əsrdə ingilis müəlliflərində istehlak dəyərini bildirmək üçün "worth" sözünü və mübadilə dəyərini bildirmək üçün "value" sözünü işlətdiklərinə biz tez-tez rast gəlirik; bu ingilis dilinin ruhuna tamamilə uyğundur, çünki ingilis dili bilavasitə mövcud olan şeyləri german mənşəli sözlərlə, fikrən düşünülən şeyləri isə roman mənşəli sözlərlə əvəz etməyi sevir.]. Lakin bu faydalılıq havadan asılmış bir şey deyildir. Əmtəə cisminin xassələri ilə şərtlənən bu faydalılıq əmtəə cismindən kənarda mövcud deyildir. Buna görə də əmtəə cisminin özü, məsələn, dəmir, buğda, almaz və s. istehlak dəyəridir, yaxud nemətdir. Onun bu xarakteri onun istehlak xassələrini mənimsəməyə insanın az və ya çox əmək sərf etməsindən asılı deyildir. İstehlak dəyərləri nəzərdən keçirilərkən həmişə onların miqdarca müəyyənliyi nəzərdə tutulur, məsələn, bir düjün saat, bir arşın kətan, bir ton dəmir və s. Əmtəələrin istehlak dəyərləri xüsusi bir fənnin – əmtəəşünaslığın predmetidir.[5 - Burjua cəmiyyətində belə bir fictio juris (yuridik fiksiya) hökm sürür ki, guya əmtəə alıcısı olan hər bir adam əmtəəşünaslıq sahəsində ensiklopedik biliyə malikdir.] İstehlak dəyəri yalnız istifadə və ya istehlak zamanı gerçəkləşir. Sərvət hər hansı ictimai formada olursa-olsun, istehlak dəyərləri onun maddi məzmununu təşkil edir. Nəzərdən keçirəcəyimiz cəmiyyət formasında istehlak dəyərləri eyni zamanda mübadilə dəyərinin maddi daşıyıcılarıdır.
Mübadilə dəyəri hər şeydən əvvəl miqdar nisbəti şəklində, bir qisim istehlak dəyərlərinin başqa qisim istehlak dəyərlərinə mübadilə olunduğu proporsiya şəklində,[6 - "Dəyər bir şeyin başqa şeyə, müəyyən miqdar bir məhsulun müəyyən miqdar başqa məhsula mübadilə olunduğu nisbətdir". (Le Trosne. De I'lnteret Social", "Physiocrates", ed. Daire. Paris, 1846, p. 889)] – zaman və məkandan asılı olaraq daim dəyişilən bir nisbət şəklində meydana çıxır. Buna görə də mübadilə dəyəri təsadüfi və xalis nisbi bir şey kimi görünür, əmtəənin özünə xas olan daxili mübadilə dəyəri (valeur intrinseque) isə contradictio in adjecto [tərifdə ziddiyyət] kimi nəzərə gəlir.[7 - "Heç bir şeyin daxili dəyəri ola bilməz". (N. Barbon. Sitat gətirilən əsər, səh. 6.) yaxud Batlerin dediyi kimi: The value of a thing, Is justas much as it will bring. (Şeydən nə qədər vüsul olsa, dəyəri tam o qədərdir.)] Məsələyə daha yaxından baxaq.
Müəyyən bir əmtəə, məsələn bir kvarter buğda x miqdar çəkmə yağına, yaxud u miqdar ipəyə, yaxud z miqdar qızıla və i. a., bir sözlə – ən müxtəlif proporsiyalarda başqa əmtəələrə mübadilə olunur. Deməli, buğdanın təkcə bir yeganə mübadilə dəyəri deyil, bir çox mübadilə dəyərləri vardır. Lakin x miqdar çəkmə yağı da, u miqdar ipək də, z miqdar qızıl da və i. a. bir kvarter buğdanın mübadilə dəyərini təşkil etdiyinə körə, x miqdar çəkmə yağı, u miqdar ipək, z miqdar qızıl vэ i. a. bir-birini əvəz edə bilən, yaxud bərabər kəmiyyətli mübadilə dəyərləri olmalıdır. Buradan, əvvələn, belə bir nəticə çıxır ki, eyni bir əmtəənin müxtəlif mübadilə dəyərləri nə isə bərabər bir şeyi ifadə edir və, ikincisi, belə bir nəticə çıxır ki, ümumiyyətlə mübadilə dəyəri onun özündən fərqli olan bir məzmunun ancaq ifadə üsulu, ancaq «təzahür forması» ola bilər.
Sonra, iki əmtəə, məsələn buğda və dəmir götürək. Bunların mübadilə nisbəti necə olursa-olsun, bu nisbəti həmişə elə bir tənliklə ifadə etmək olar ki, orada məlum miqdar buğda müəyyən miqdar dəmirə bərabər tutulur, məsələn: 1 kvarter buğda = a sentner dəmirə. Bu tənlik bizə nəyi göstərir? Onu göstərir ki, iki müxtəlif şeydə – 1 kvarter buğdada və a sentner dəmirdə – kəmiyyətcə bərabər nə isə ümumi bir şey vardır. Deməli, bu şeylərin hər ikisi nə isə üçüncü bir şeyə bərabərdir ki, bu da özlüyündə həmin şeylərdən nə birincisi, nə də ikincisi deyildir. Beləliklə, bunlardan hər biri mübadilə dəyəri olduğuna görə, həmin üçüncüyə müncər edilə bilməlidir.
Bunu adi bir həndəsə misalı ilə nümayiş etdirək. Bütün düzxətli fiqurların sahəsini müəyyən etmək və tutuşdurmaq üçün bunları üçbucaqlara bölürlər. Üçbucağın özünü onun zahiri görkəmindən tamamilə fərqli bir ifadəyə – oturacağı ilə hündürlüyü hasilinin yarısına müncər edirlər. Eynilə əmtəələrin mübadilə dəyərlərini də onlar nəyin çox və ya az miqdarlarını təmsil edirsə, onlar üçün ümumi olan bu şeyə müncər etmək lazımdır.
Əmtəələrin həndəsi, fiziki, kimyəvi və ya hər hansı başqa təbii xassələri belə bir ümumi cəhət ola bilməz. Onların cismani xassələri ümumiyyətlə ancaq ona görə nəzərə alınır ki, əmtəələrin faydalılığı həmin xassələrdən asılıdır, yəni bu xassələr əmtəələri istehlak dəyərləri edir. Digər tərəfdən, aşkardır ki, əmtəələrin mübadilə nisbəti məhz onların istehlak dəyərlərindən asılı deyildir. Əmtəələrin mübadilə nisbəti çərçivəsində hər bir məlum istehlak dəyəri, lazımi proporsiyada olarsa, o hər hansı başqa istehlak dəyəri ilə tam bərabər əhəmiyyətə malikdir. Yaxud qoca Barbon demişkən:
«Əmtəələrin bir çeşidinin mübadilə dəyəri ilə başqa çeşidinin mübadilə dəyəri bərabərdirsə, bunların hər ikisi eyni dərəcədə yaxşıdır. Bərabər mübadilə dəyərləri olan şeylər arasında heç bir fərq və ya təfavüt yoxdur».
İstehlak dəyərləri olmaq etibarı ilə əmtəələr hər şeydən əvvəl keyfiyyətcə fərqlənir, mübadilə dəyərləri olmaq etibarı ilə onların ancaq miqdar fərqləri ola bilər və, deməli, onlarda bircə atom da istehlak dəyəri yoxdur.
Əmtəə cisimlərinin istehlak dəyərindən sərf-nəzər edilsə, onlarda bircə xassə qalır, bu da ondan ibarətdir ki, onlar əmək məhsullarıdır. Lakin indi əmək məhsulu özü də tamamilə yeni bir şəkil alır. Doğrudan da, biz onun istehlak dəyərindən sərf-nəzər etdiksə, bununla birlikdə onun əmtəə cisminin tərkib hissələri və formalarından da sərf-nəzər etmiş olduq, onu istehlak dəyəri edən isə məhz bunlardır. İndi bu daha stol, yaxud ev, yaxud iplik, yaxud hər hansı başqa bir faydalı şey deyildir. Onun hiss ilə qavranılan bütün xassələri sönüb getdi. Habelə o indi daha bir xarrat, yaxud dülgər, yaxud əyirici əməyinin, ya da ümumiyyətlə başqa müəyyən bir məhsuldar əməyin məhsulu deyildir. Əmək məhsulunun faydalılıq xassəsi ilə bərabər, – onda təmsil olunan əmək növlərinin də faydalılıq xassəsi yox olur, deməli, bu əmək növlərinin müxtəlif konkret formaları yox olur; daha onların arasında fərq qalmır, hamısı bərabər insan əməyinə, abstrakt insan əməyinə müncər olur.
İndi nəzərdən keçirib görək, əmək məhsullarından nə qaldı. Onlardan heç bir şey qalmadı, qalan ancaq, hamısı üçün bərabər olan xəyali predmetlikdən, sadəcə fərqsiz insan əməyi birkintisi[8 - depozit] olmaqdan, yəni insan iş qüvvəsinin hər hansı formada sərf edilməsinə baxmayaraq bu iş qüvvəsi məsrəfi olmaqdan ibarətdir. İndi bütün bu şeylər ancaq onun ifadələridir ki, bunların istehsalına insan iş qüvvəsi sərf edilmişdir, bunlarda insan əməyi toplanmışdır. Onların hamısı üçün ümumi olan həmin ictimai substansiyanın kristalları olmaq etibarı ilə onlar dəyərdir, əmtəə dəyərləridir.
Əmtəələrin mübadilə nisbətinin özündə onların mübadilə dəyəri öz istehlak dəyərlərindən əsla asılı olmayan bir şey kimi qarşımıza çıxmışdır. Əgər biz əmək məhsullarının istehlak dəyərindən doğrudan da sərf-nəzər etsək onların indicə tərifini verdiyimiz şəkildə dəyərini əldə edərik. Beləliklə, əmtəələrin mübadilə nisbətində və ya mübadilə dəyərində ifadə olunan ümumi cəhət məhz onların dəyəridir. Tədqiqatın sonrakı gedişi yenə də bizi buna gətirib çatdıracaqdır ki, mübadilə dəyəri dəyərin zəruri ifadə üsulu və ya təzahür formasıdır; bununla belə, dəyər əvvəlcə həmin formadan asılı olmayaraq nəzərdən keçirilməlidir.
Beləliklə, istehlak dəyərinin, və ya nemətin, ancaq ona görə dəyəri vardır ki, onda abstrakt insan əməyi cisim şəkli almış və ya maddiləşmişdir. Bəs onun dəyərinin kəmiyyətini necə ölçməli? Görünür, onda olan əməyin, bu «dəyər yaradan substansiyanın» miqdarı ilə.. Əməyin öz miqdarı onun sərf edildiyi müddətlə, iş vaxtı ilə ölçülür, iş vaxtı özü də öz miqyasını zamanın müəyyən hissələrində tapır, məsələn: saat, gün və i. a.
Əgər əmtəənin dəyəri onun istehsal edildiyi müddətdə sərf olunan əməyin miqdarı ilə ölçülürsə, onda belə görünə bilərdi ki, əmtəəni istehsal edən adam nə qədər tənbəl və ya bacarıqsızdırsa, bu əmtəənin dəyəri bir o qədər artıq olmalıdır, çünki əmtəə istehsal etmək üçün ona daha çox vaxt lazım gəlir. Lakin dəyərlərin substansiyasını təşkil edən əmək bərabər insan əməyidir, eyni insanın qüvvəsinin sərf olunmasıdır. Cəmiyyətin, əmtəə aləmi dəyərlərində ifadə olunan bütün iş qüvvəsi saysız-hesabsız fərdi iş qüvvələrindən ibarət olsa da, burada eyni insan iş qüvvəsi kimi meydana çıxır. Bu fərdi iş qüvvələrindən hər biri, hər hansı başqası kimi, ictimai orta iş qüvvəsi xarakterinə malik olduğuna və belə bir ictimai orta iş qüvvəsi kimi fəaliyyət göstərdiyinə görə, deməli, məlum bir əmtəənin istehsalına ancaq orta dərəcədə zəruri və ya ictimai zəruri iş vaxtı sərf etdiyinə görə eyni insan iş qüvvəsidir. İctimai zəruri iş vaxtı, mövcud ictimai normal istehsal şəraitində və həmin cəmiyyətdə əməyin orta səviyyəli bacarıq və intensivliyi şəraitində hər hansı bir istehlak dəyərinin hazırlanması üçün tələb olunan iş vaxtıdır. Məsələn, İngiltərədə buxarla işləyən toxucu dəzgahı işə salındıqdan sonra müəyyən miqdar ipliyi parçaya çevirmək üçün, bu işə keçmişdə sərf edilən əməyin bəlkə də ancaq yarısı lazım gəlirdi. Əlbəttə, əl ilə işləyən ingilis toxucusu bundan sonra da ipliyi parçaya çevirməyə əvvəlki qədər iş vaxtı sərf edirdi, lakin indi onun fərdi iş saatının məhsulunda ictimai iş saatının ancaq yarısı təmsil olunurdu və buna görə də həmin məhsulun dəyəri iki qat azalmışdı.
Beləliklə, müəyyən istehlak dəyərinin dəyər kəmiyyəti yalnız, bu istehlak dəyərini hazırlamaq üçün lazım gələn ictimai zəruri əməyin və ya iş vaxtının miqdarı ilə müəyyən olunur[9 - 2-ci nəşrə qeyd. „Onlar" (istehlak şeyləri) „bir-birinə mübadilə edildiyi zaman onların dəyəri onların istehsalı üçün zəruri olan və adətən sərf edilən əməyin miqdarı ilə müəyyən olunur“. Keçən əsrdə anonim müəllif tərəfindən yazılan bu gözəl əsərin nəşr edildiyi vaxt göstərilməmişdir. Lakin onun məzmunundan görünür ki, II Georqun zamanında, təxminən 1739-cu və ya 1740-cı ildə çapdan çıxmışdır.]. Bu halda hər bir ayrıca əmtəə öz qəbilindən olan əmtəələrin yalnız orta nüsxəsi əhəmiyyətinə malikdir[10 - „Eyni qəbildən olan bütün məhsullar əslində bir kütlə təşkil edir ki, bunun da qiyməti. ayrı-ayrı hallardakı xüsusi şəraitdən asılı olmayaraq, bütövlükdə müəyyən olunur“ (Le Trosne, sitat gətirilən əsər, səh. 893).] Buna görə də bərabər miqdarda əməyi ehtiva edən, yaxud eyni iş vaxtında hazırlana bilən əmtəələr bərabər dəyər kəmiyyətinə malikdir. Bir əmtəənin dəyərinin hər bir başqa əmtəənin dəyərinə nisbəti, birincinin istehsalı üçün zəruri olan iş vaxtının ikincinin istehsalı üçün zəruri olan iş vaxtına nisbəti kimidir. «Dəyər olmaq etibarı ilə bütün əmtəələr donub qalmış iş vaxtının yalnız müəyyən miqdarlarıdır»[11 - Karl Marks. .Siyasi iqtisadın tənqidinə dair“. Berlin, 1859, səh. 6 [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 16].].
Deməli, əmtəənin istehsalı üçün zəruri olan iş vaxtı sabit qalsaydı, əmtəə dəyərinin kəmiyyəti də sabit qalardı. Lakin hər dəfə əməyin məhsuldar qüvvəsi dəyişildikdə, iş vaxtı da dəyişilməyən məhsuldar qüvvəsi müxtəlif şərtlərlə, bir sözlə fəhlənin orta məharət dərəcəsi ilə, elmin inkişaf səviyyəsi ilə və onun texnoloji tətbiqi dərəcəsi ilə, istehsal prosesinin ictimai kombinasiyası ilə, istehsal vasitələrinin qədəri və effektivliyi ilə, təbii şəraitlə müəyyən olunur. Eyni miqdar əmək, məsələn, məhsulun yaxşı gəldiyi ildə 8 buşel, yaxşı gəlmədiyi ildə isə ancaq 4 buşel buğdada ifadə olunur. Eyni miqdar əmək yoxsul mədənlərə nisbətən zəngin mədənlərdə daha çox metal verir və i. a. Yerin qabığında almaz çox az tapılır, buna görə də almazı axtarıb tapmaq orta hesabla çox iş vaxtına başa gəlir. Deməli, kiçik həcmli almazda çoxlu əmək təmsil olunmuşdur. Ceykob bu fikirdədir ki, heç zaman qızılın tam dəyəri ödənilməmişdir. Bunu almaz haqqında daha artıq dərəcədə haqlı olaraq demək olar. Eşvegenin fikrincə, 1823-cü ildə Braziliya almaz mədənlərinin səksən illik bütün məhsulunun qiyməti Braziliya şəkər və ya qəhvə tarlalarının il yarımlıq məhsulunun orta qiymətinə çatmamışdı, halbuki almaz mədənlərinin məhsulunda xeyli artıq əmək və, deməli, xeyli artıq dəyər təmsil olunurdu. Daha zəngin mədənlər tapılsa, eyni miqdar əmək daha çox miqdar almazda ifadə olunardı və almazın dəyəri aşağı düşərdi. Azacıq əmək sərf etməklə kömürü almaza çevirmək mümkün olsa, almazın dəyəri kərpicin dəyərindən aşağı düşə bilərdi. Ümumiyyətlə, əməyin məhsuldar qüvvəsi nə qədər yüksək olursa, müəyyən məmulatı hazırlamaq üçün zəruri olan iş vaxtı bir o qədər az olur, bu məmulatda kristallaşan əmək kütləsi bir o qədər az olur, bu məmulatın dəyəri bir o qədər az olur. Əksinə, əməyin məhsuldar qüvvəsi nə qədər az olursa, həmin məmulatı hazırlamaq üçün zəruri olan iş vaxtı bir o qədər çox olur, bu məmulatın dəyəri bir o qədər çox olur. Beləliklə, əmtəənin dəyər kəmiyyəti bu əmtəədə maddiləşən əməyin miqdarı ilə düz proporsional və əməyin məhsuldar qüvvəsi ilə tərs proporsional olaraq dəyişilir.
Ola bilər bir şey istehlak dəyəri olsun, amma dəyər olmasın. Bu o zaman olur ki, şeyin insan üçün faydalılığı əmək vasitəsi ilə əldə edilmir. Məsələn: hava, xam torpaqlar, təbii çəmənlər, yabanı meşə və i. a. Ola bilər bir şey faydalı olsun və insan əməyinin məhsulu olsun, amma əmtəə olmasın. Öz əməyinin məhsulu ilə öz tələbatını ödəyən bir adam əmtəə deyil, istehlak dəyəri yaradır. Əmtəə istehsal etmək üçün o, sadəcə istehlak dəyəri deyil, başqaları üçün istehlak dəyəri, ictimai istehlak dəyəri istehsal etməlidir. Həm də ümumən təkcə başqaları üçün deyil, orta əsrlərdə kəndlinin istehsal etdiyi taxılın bir hissəsi töycü olaraq feodala, bir hissəsi əşər olaraq keşişlərə verilirdi. Lakin nə töycü şəklində özgəyə verilən taxılın, nə də əşər şəklində özgəyə verilən taxılın təkcə başqaları üçün istehsal edilməsi onu hələ heç də əmtəə etmirdi. Əmtəə olmaq üçün məhsul mübadilə vasitəsi ilə o adamın əlinə keçməlidir ki, bu ondan ötrü istehlak dəyəri olsun[12 - {4-cü nəşrə qeyd. Mötərizəyə alınmış sözləri mən ona görə əlavə etdim ki, bu sözlər olmadıqda, çox zaman belə bir anlaşılmazlıq əmələ gəlirdi; guya Marksın fikrincə, hər bir məhsul onu istehsal edən şəxs tərəfindən deyil, başqası tərəfindən istehlak edildikdə, əmtəə olur. F. E,}] (Nəhayət, bir şey istehlak şeyi olmadan dəyər ola bilməz. Əgər şey faydasızdırsa, ona sərf edilmiş əmək də faydasızdır, əmək sayılmır və buna görə də heç bir dəyər yaratmır.

2. ƏMTƏƏLƏRDƏ OLAN ƏMƏYİN İKİLİ XARAKTERİ
Əvvəlcə əmtəə qarşımıza ikili bir şey kimi: istehlak dəyəri və mübadilə dəyəri kimi çıxdı. Sonralar aşkar oldu ki, əmək dəyərdə ifadə olunduqda, istehlak dəyərlərinin yaradıcısı olmaq etibarı ilə malik olduğu əlamətlərə daha malik olmur. Əmtəədə olan əməyin bu ikili təbiətini ilk dəfə tənqidi şəkildə mən sübut etmişəm[13 - Karl Marks. „Siyasi iqtisadın tənqidinə dair“. Berlin, 1859, səh. 12, 13 və başqaları [bax: K, Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 21, 22 və başqaları].]. Bu nöqtə başlanğıc nöqtəsi olduğuna görə və siyasi iqtisadi başa düşmək ondan asılı olduğuna görə, burada onu daha ətraflı işıqlandırmaq lazımdır.
İki əmtəə, məsələn bir sürtuk[14 - Uzunətəkli kişi pencəyi] və 10 arşın kətan götürək. Tutaq ki, birincinin dəyəri ikincinin dəyərindən ikiqat artıqdır, belə ki, əgər arşın kətan = w, onda sürtuk = 2w.
Sürtuk müəyyən tələbatı ödəyən istehlak dəyəridir. Onu yaratmaq üçün müəyyən növ məhsuldar fəaliyyət lazım gəlmişdir. Bu məhsuldar fəaliyyət növü öz məqsədi, əməliyyatın xarakteri, öz predmeti, vasitələri və nəticəsi ilə müəyyən olunur. Beləliklə, faydalılığı öz məhsulunun istehlak dəyərində və ya öz məhsulunun istehlak dəyəri olmasında ifadə edilən əməyi biz sadəcə olaraq faydalı əmək adlandıracağıq. Bu nöqteyi-nəzərdən əmək həmişə öz faydalı effekti ilə əlaqədar olaraq nəzərdən keçirilir.
Sürtuk və kətan keyfiyyətcə müxtəlif istehlak dəyərləri olduqları kimi, onların varlığı üçün şərt olan işlər də: dərzilik və toxuculuq da keyfiyyətcə müxtəlifdir. Bu şeylər keyfiyyətcə müxtəlif istehlak dəyərləri olmasaydılar və deməli, faydalı əməyin keyfiyyətcə müxtəlif növlərinin məhsulu olmasaydılar, onlar əmtəə olaraq bir-birinə heç qarşı dura bilməzdilər. Sürtuku sürtuka, bir istehlak dəyərini eyni bir istehlak dəyərinə mübadilə etməzlər.
Müxtəlif növ istehlak dəyərlərinin, yaxud əmtəə cisimlərinin məcmusunda, eyni dərəcədə rəngarəng olan və eyni qədər müxtəlif cinslərə, növlərə, fəsilələrə, yarımnövlərə və zümrələrə bölünən faydalı işlər məcmusu meydana çıxır, bir sözlə – ictimai əmək bölgüsü meydana çıxır. İctimai əmək bölgüsü əmtəə istehsalının mövcud olması üçün şərtdir. Hərçənd əmtəə istehsalı, əksinə, ictimai əmək bölgüsünün mövcud olması üçün şərt deyildir. Qədim hind icmasında əmək ictimai cəhətdən bölünmüşdü, lakin onun məhsulları əmtəə olmurdu. Yaxud daha yaxın bir misal götürək: hər bir fabrikdə əmək müntəzəm bölünmüşdür, lakin bu bölgü elə bir üsulla həyata keçir ki, burada fəhlələr öz fərdi əmək məhsullarını mübadilə etmirlər. Yalnız bir-birindən asılı olmayan müstəqil xüsusi işlərin məhsulları bir-birinin qarşısına əmtəə kimi çıxa bilər. Beləliklə, hər bir əmtəənin istehlak dəyərində müəyyən bir məqsədəuyğun məhsuldar fəaliyyət, yaxud faydalı əmək vardır. İstehlak dəyərlərində keyfiyyətcə müxtəlif faydalı əmək növləri yoxdursa, bunlar bir-birinin qarşısına əmtəə kimi çıxa bilməz. Məhsulları adətən əmtəə şəkli aldığı bir cəmiyyətdə, yəni əmtəə istehsalçıları cəmiyyətində müstəqil istehsalçıların xüsusi işi olaraq, bir-birindən asılı olmadan icra edilən faydalı əmək növlərinin bu keyfiyyət fərqi inkişaf edib çoxhədli bir sistemə, ictimai əmək bölgüsünə çevrilir.
Əslində sürtuk üçün fərqi yoxdur ki, onu kim geyir, dərzi özümü, yoxsa dərzinin sifarişçisi. Hər iki halda sürtuk bir istehlak dəyəri vəzifəsini daşıyır. Dərzi əməyinin xüsusi bir peşə, ictimai əmək bölgüsünün müstəqil bir halqası olması faktı da sürtukla onu istehsal edən əmək arasındakı münasibəti əsla dəyişdirmir. Paltara olan tələbatın məcbur etdiyi yerdə, insan dərzi olana qədər min illər boyu tikişlə məşğul olmuşdur. Lakin sürtuk, kətan və ümumiyyətlə təbiətdə hazır şəkildə tapmadığımız hər bir maddi sərvət ünsürü həmişə, təbiətin müxtəlif maddələrini müəyyən insan tələbatına uyğunlaşdıran xüsusi, məqsədəuyğun məhsuldar fəaliyyət vasitəsi ilə hazırlanmalı olmuşdur. Deməli, istehlak dəyərlərinin yaradıcısı, faydalı əmək olmaq etibarı ilə əmək insanların yaşaması üçün hər cür ictimai formalardan asılı olmayan bir şərtdir, əbədi təbii bir zərurətdir: bunsuz insanla təbiət arasında maddələr mübadiləsi mümkün olmazdı, yəni insan həyatının özü də mümkün olmazdı.
İstehlak dəyərləri: sürtuk, kətan və i. a., bir sözlə – əmtəə cisimləri iki ünsürün – təbiət maddəsi ilə əməyin birləşməsidir. Sürtukda, kətanda və sairdə olan bütün müxtəlif faydalı əmək növləri çıxıldıqda, həmişə müəyyən bir maddi substrat qalır ki, bu da insanın heç bir yardımı olmadan təbiətdə mövcuddur. İstehsal prosesində insan ancaq təbiətin özü kimi iş görə bilər, yəni maddənin ancaq formalarını dəyişdirə bilər[15 - Kainatdakı bütün hadisələr, istər insan əli ilə, istərsə də təbiətin ümumi qanunları ilə yaradılmış olsun bizə materiyanın həqiqətən xəlq edilməsi ideyasını vermir, onun ancaq şəklinin dəyişilməsi ideyasını verir. İstehsal ideyasını təhlil edərkən insan zəkasının aşkara çıxardığı yeganə ünsürlər birləşmə və bölünmədən ibarətdir. İstər torpaq, hava və suyun tarlalarda buğdaya çevrildiyi halda, istərsə həşəratın lyablı ifrazatının insan əli ilə ipəyə çevrildiyi və ya ayrı-ayrı metal parçalarının birləşib saat mexanizmi əmələ gətirdiyi halda eyni dərəcədə dəyər (istehlak dəyəri nəzərdə tutulmalıdır, hərçənd burada fiziokratlarla mübahisə edərkən Berri özü hansı növ dəyərdən danışdığını ağıllı-başlı bilmir) və sərvət istehsal olunur.] Bundan əlavə. Bu formalaşdırma əməyinin özündə insan daim təbiət qüvvələrinin yardımına arxalanır. Deməli, əmək onun istehsal etdiyi istehlak dəyərlərinin, maddi sərvətin yeganə mənbəyi deyildir. Uilyam Petti demişkən, əmək sərvətin atası, torpaq anasıdır.
İndi də istehlak şeyi kimi götürülən əmtəədən əmtəə dəyərinə keçək.
Bizim fərz etdiyimizə görə, sürtuk kətandan ikiqat artıq dəyərə malikdir. Lakin bu ancaq kəmiyyət fərqidir və hələlik bizi maraqlandırmır. Buna görə də xatırladaq ki, əgər bir sürtukun dəyəri 10 arşın kətanın dəyərinin iki mislinə bərabərdirsə, onda 20 arşın kətan bir sürtukda olduğu qədər dəyər kəmiyyətinə malikdir. Dəyər olmaq etibarı ilə sürtuk və kətan eyni substansiyaya malik şeylərdir, yekcins əməyin obyektiv ifadələridir. Lakin dərzilik və toxuculuq əməyin keyfiyyətcə müxtəlif növləridir. Bununla bərabər, elə ictimai şərait olur ki, burada eyni bir adam gah tikir, gah da toxuyur və deməli, bu iki müxtəlif əmək növü ayrı-ayrı fərdlərin qəti surətdə bir-birindən ayrılmış əməliyyatı deyil, eyni fərdin əməyinin ancaq modifikasiyalarıdır, necə ki, dərzinin bu gün tikdiyi sürtukla sabah hazırladığı şalvar da eyni fərdi əməyin ancaq variasiyalarıdır. Sonra gündəlik təcrübə göstərir ki, kapitalizm cəmiyyətində, əməyə olan tələbin istiqamətinin dəyişilməsindən asılı olaraq, ictimai əməyin müəyyən hissəsi növbə ilə gah dərzilik, gah da toxuculuq şəklində təklif olunur. Əmək formasının belə dəyişilməsi, əlbəttə, müəyyən çətinlik olmadan baş vermir, lakin həmin dəyişiklik baş verməlidir. Məhsuldar fəaliyyətin müəyyən xarakterindən və, deməli, əməyin faydalı xarakterindən sərf-nəzər edilsə, əməkdə bircə şey qalır, bu da ondan ibarətdir ki, əmək insan iş qüvvəsinin sərf olunmasıdır. İstər dərzilik, istərsə toxuculuq, məhsuldar fəaliyyətin bu növlərinin keyfiyyət fərqinə baxmayaraq, insan beyninin, əzələlərinin, əsəblərinin, əllərinin və i.a. məhsuldar şəkildə sərf olunmasıdır və bu mənada onların hər ikisi eyni insan əməyidir. Bunlar insan iş qüvvəsinin sərf olunmasının ancaq iki müxtəlif formasıdır. Əlbəttə, insan iş qüvvəsinin özü bu və ya başqa formada sərf olunmaq üçün az-çox inkişaf etmiş olmalıdır. Lakin əmtəənin dəyərində sadəcə insan əməyi, ümumiyyətlə insan əməyinin sərf edilməsi ifadə olunur. Burjua cəmiyyətində general və ya bankir böyük rol, adi bir adam isə cüzi rol oynadığı kimi, burada insan əməyi də tamamilə eyni vəziyyətdədir. Əmək inkişaf cəhətdən xüsusilə fərqlənməyən hər bir adi adamın cismani orqanizminin orta dərəcədə malik olduğu sadə iş qüvvəsinin sərf olunmasıdır. Sadə orta əmək, müxtəlif ölkələrdə və mədəniyyətin müxtəlif dövrlərində müxtəlif xarakter daşısa da, bununla belə hər bir müəyyən cəmiyyət üçün məlum bir kəmiyyətdir. Nisbətən mürəkkəb əmək ancaq qüvvətə yüksəldilmiş və ya, daha doğrusu, zərb[16 - Vurma əməli (riyaz. köhn.) burada sədə əməklərin hasili (red.)] olunmuş sadə əməkdir, belə ki, az miqdar mürəkkəb əmək çox miqdar sadə əməyə bərabərdir. Təcrübə göstərir ki, mürəkkəb əməyin sadə əməyə belə müncər[17 - Birləşmək, tamamlanmaq (köhn.)] olması daim baş verir. Əmtəə ən mürəkkəb əməyin məhsulu ola bilər, lakin onun dəyəri onu sadə əməyin məhsuluna bərabər edir və, deməli, onun dəyəri özü ancaq müəyyən miqdar sadə əməyi təmsil edir[18 - Oxucu nəzərdə tutmalıdır ki, burada əməkhaqqından, yaxud fəhlənin, məsələn bir iş günü üçün aldığı dəyərdən deyil, əmtəələrin dəyərindən bəhs edilir ki, bunda fəhlənin iş günü maddiləşir. Şərhimizin bu mərhələsində əməkhaqqı kateqoriyası bizim üçün hələ ümumiyyətlə mövcud deyıldir.]. Müxtəlif əmək növlərinin bunlar üçün ölçü vahidi olmaq etibarı ilə sadə əməyə müncər olduğu müxtəlif proporsiyalar istehsalçıların xəbəri olmadan ictimai prosesdə meydana gəlir və buna görə də istehsalçılara adətlə müəyyən olunmuş kimi görünür. Asanlıq xətrinə bundan sonrakı şərhimizdə hər növ iş qüvvəsinə bilavasitə sadə iş qüvvəsi kimi baxacağıq, – bu bizi hər bir xüsusi halda mürəkkəb əməyi sadə əməyə müncər etmək zərurətindən azad edər.
Deməli, sürtukun və kətanın dəyərlərində onların istehlak dəyərlərinin fərqləri yox olduğu kimi, bu dəyərlərdə təmsil olunan əməkdə də onun dərzilik və toxuculuq kimi faydalı formalarının fərqləri yox olur. İstehlak dəyərləri olan sürtuk və kətan ancaq məqsədəuyğun məhsuldar fəaliyyətin mahud və ipliklə birləşməsidirsə, dəyər olmaq etibarı ilə sürtuk və kətan yekcins əmək birkintilərindən[19 - скопление] başqa bir şey deyildir; eynilə də bu dəyərlərdə olan əmək məsrəflərində də onların mahuda və ipliyə məhsuldar münasibəti deyil, ancaq insan iş qüvvəsinin sərf olunması əhəmiyyətlidir. Dərzilik və toxuculuq özlərinin məhz keyfiyyətcə müxtəlif xüsusiyyətləri sayəsində sürtuk və kətan kimi istehlak dəyərləri yaradan ünsürdür; ancaq dərzilik və toxuculuğun xüsusi keyfiyyətlərindən sərf-nəzər edildikdə, bunlar eyni bir keyfiyyətə, insan əməyi keyfiyyətinə malik olduqda, sürtuk və kətanın dəyər substansiyası olur.
Lakin sürtuk və kətan nəinki ümumiyyətlə dəyərlərdir, habelə müəyyən kəmiyyətli dəyərlərdir: bizim fərz etdiyimizə görə, sürtuk 10 arşın kətandan ikiqat artıq dəyərə malikdir. Onların dəyər kəmiyyətindəki bu fərq haradandır? Səbəb ondadır ki, kətanda olan əmək sürtukda olan əməyin ancaq yarısı qədərdir, belə ki, sürtukun istehsalına kətanın istehsalı üçün lazım olduğundan ikiqat artıq müddətdə iş qüvvəsi sərf etmək lazımdır.
Buna görə də əmtəənin istehlak dəyəri cəhətdən bu əmtəədəki əməyin ancaq keyfiyyəti əhəmiyyətlidirsə, dəyərin kəmiyyəti cəhətdən əməyin ancaq miqdarı əhəmiyyətlidir, həm də bu əmək heç bir başqa keyfiyyəti qalmayan insan əməyinə müncər edilmiş olmalıdır. Birinci halda məsələ əməyin necə sərf olunması və nə istehsal etməsi, ikinci halda isə nə qədər əmək sərf olunması və onun neçə müddət davam etməsi üzərindədir. Əmtəənin dəyər kəmiyyəti əmtəədə olan əməyin ancaq miqdarını ifadə etdiyinə görə, müəyyən proporsiyada götürülən əmtəələr həmişə bərabər kəmiyyətli dəyərlər olmalıdır.
Əgər bir sürtukun istehsalı üçün lazım olan bütün faydalı əmək növlərinin məhsuldar qüvvəsi sabit qalırsa, onda sürtukların dəyər kəmiyyəti onların miqdarına proporsional olaraq artır. Əgər bir sürtuk x iş günü təmsil edirsə, onda 2 sürtuk 2x iş günü təmsil edir və i. a. Lakin tutaq ki, bir sürtukun istehsalı üçün lazım olan əmək ikiqat artır və ya yarıbayarı azalır. Birinci halda bir sürtukun dəyəri iki sürtukun əvvəlki dəyərinə, ikinci halda isə iki sürtukun dəyəri bir sürtukun əvvəlki dəyərinə bərabərdir, hərçənd hər iki halda sürtukun göstərdiyi xidmət dəyişilməz qalır, habelə onda olan faydalı əməyin keyfiyyəti də dəyişilməz qalır. Lakin onun istehsalına sərf olunan əməyin miqdarı dəyişilmiş olur.
Çox miqdar istehlak dəyəri özlüyündə çox miqdar maddi sərvətdir: iki sürtuk bir sürtukdan çoxdur. İki sürtukla iki adamı, bir sürtukla ancaq bir adamı geyindirmək olar və i.a. Bununla belə, maddi sərvətin artan kütləsinə eyni zamanda onun dəyər kəmiyyətinin aşağı düşməsi uyğun gələ bilər. Bu bir-birinə əks hərəkət əməyin ikili xarakterindən irəli gəlir. Məhsuldar qüvvə, əlbəttə, həmişə faydalı, konkret əməyin məhsuldar qüvvəsidir və əslində ancaq məlum vaxt ərzində məqsədəuyğun məhsuldar fəaliyyətin effektivliyi dərəcəsini müəyyən edir. Deməli, faydalı əmək öz məhsuldar qüvvəsinin yüksəlməsinə və ya aşağı düşməsinə düz mütənasib olaraq məhsulların gah daha zəngin, gah da daha yoxsul bir mənbəyi olur. Əksinə, məhsuldar qüvvənin dəyişilməsi özlüyündə əmtəənin dəyərində təmsil olunan əməyə əsla toxunmur. Məhsuldar qüvvə əməyin konkret faydalı formasına məxsus olduğuna görə, əməyin konkret faydalı formasından sərf-nəzər etdikdə, məhsuldar qüvvənin əməyə, əlbəttə, dəxli ola bilməz. Deməli, əməyin məhsuldar qüvvəsi necə dəyişilirsə dəyişilsin, eyni bir əmək bərabər müddətlərdə həmişə kəmiyyətcə bərabər dəyərlər yaradır. Lakin bu şəraitdə əmək bərabər müddətlərdə müxtəlif miqdar istehlak dəyərləri yaradır: məhsuldar qüvvə artdıqda çox istehlak dəyəri, aşağı düşdükdə isə az istehlak dəyəri yaradır. Məhsuldar qüvvənin dəyişilməsi əməyin səmərəliliyini və, deməli, onun yaratdığı istehlak dəyərləri kütləsini artırdıqda, deməli, bu artmış kütlənin dəyər kəmiyyətini azadır, zira həmin kütlənin istehsalı üçün lazım olan iş vaxtının miqdarını azaldır. Habelə əksinə.
Hər bir əmək, bir tərəfdən, insan iş qüvvəsinin fizioloji mənada sərf olunmasıdır və eyni insan əməyi, yaxud abstrakt insan əməyi olmaq etibarı ilə də əmək əmtəələrin dəyərini təşkil edir. Hər bir əmək, digər tərəfdən, insan iş qüvvəsinin xüsusi bir məqsədəuyğun formada sərf olunmasıdır və belə bir konkret faydalı əmək olmaq etibarı ilə istehlak dəyərləri yaradır[20 - Hər zaman bütün əmtəələrin dəyərlərinə qiymət vermək və onları bir-biri ilə müqayisə etmək üçün yalnız əməyin qəti və real bir ölçü olduğunu sübut etməkdən ötrü A. Smit yazır: „Bərabər miqdar əmək hər zaman və hər yerdə fəhlə üçün eyni dəyərdə olmalıdır. Normal sağlamlıq və qüvvətə malik olub normal işləyə bilən və bacarığı orta dərəcədə olan bir fəhlə həmişə öz rahatlıq, sərbəstlik və səadətinin eyni bir hissəsini verməlidir“. A. Smit burada (hər yerdə yox), bir tərəfdən dəyəri əmtəənin istehsalına sərf olunan miqdarı ilə təyin etməyi əmtəə dəyərlərini əməyin öz dəyəri ilə təyin etməklə qarışdırır və buna görə də sübut etməyə çalışır ki, bərabər miqdarda əmək həmişə eyni dəyərə malik olur. Digər tərəfdən, o hiss edir ki, əmək əmtəələrin dəyərində ifadə olunduğuna görə, ancaq iş qüvvəsinin sərf olunması deməkdir, lakin o, iş qüvvəsinin bu məsrəfini yenə də ancaq rahatlıq, azadlıq və səadətin qurban verilməsi kimi təsvir edir, bu məsrəfin həmçinin normal həyat fəaliyyəti olduğunu görmür. Doğrudur, onun gözləri qarşısında müasir muzdlu fəhlə də dururdu. – A. S. Smitin 9-cu qeyddə sitat gətirilən anonim sələfi bu məsələdə ondan xeyli dürüst fikir yeridir: "Birinci müəyyən bir istehlak şeyi hazırlamaq üçün bir həftə vaxt sərf etmişdir.. və ona bunun müqabilində başqa bir şey təklif edən şəxs lap yaxşı qiymətləndirə bilər ki, birinci şey üçün lazım ekvivalent nədən ibarətdir, bundan ötrü o hesablamalıdır ki, özünün təklif etdiyi şeyin nə qədarinə eyni miqdar əmək [labour] və vaxt sərf etmişdir. Burada məsələ ondan ibarətdir ki, məlum şeyin istehsalına bir şəxsin müəyyən vaxt ərzində sərf etdiyi əmək başqa bir şeyin istehsalına başqa bir şəxsin eyni vaxt ərzində sərf etdiyi əməyə mübadilə olunur“. İngilis dilinin belə bir üstünlüyü vardır ki, əməyin iki müxtəlif cəhətini ifadə etmək üçün bu dildə iki müxtəlif söz mövcuddur. Keyfiyyətcə müəyyən olub istehlak dəyərləri yaradan əmək labour-un əksinə olaraq work adlanır; dəyər yaradan və ancaq miqdarca ölçülən əmək isə work-un əksinə olaraq labour adlanir.]

3. DƏYƏR FORMASI, YAXUD MÜBADİLƏ DƏYƏRİ
Əmtəələr dünyaya istehlak dəyərləri, yaxud əmtəə cisimləri formasında gəlir, məsələn, dəmir, kətan, buğda və i. a. Bu onların ibtidai natural formasıdır. Lakin bunlar ancaq öz ikili xarakterinə görə, eyni zamanda həm istehlak şeyi, həm də dəyər daşıyıcısı olduqlarına görə əmtəə olurlar. Deməli, bunlar ancaq həmin ikili formada – natural formada və dəyər formasında olduqda əmtəədir, yaxud əmtəə formasına malikdir
Əmtəələrin dəyəri dul qadın Kunklidən bununla fərqlənir ki, onun harasından yapışmaq lazım gəldiyini bilmirsən[21 - Marks burada Şekcpirin tarixi xronologiyasındakı dialoqdan istifadə edir, “Kral IV Henrix”, I hissə üçüncü pərdənin üçüncü səhnəsində Falstaf dul qadın Kuikliyə deyir: “Bilmir ki, onun harasından yapışsın”, Bunun cavabında Kuikli deyir: “Yalan deyirsən: sən də, başqaları da çox yaxşı bilirsiniz ki, mənim haramdan yapışasınız”.]. Əmtəə cisimlərinin düyülan qaba predmetliyinin tam əksinə olaraq, dəyərə [Wertgegenständlichkeit] bircə atom da təbiət maddəsi daxil deyildir. Siz hər bir ayrıca əmtəəni əl ilə yoxlaya və nəzərdən keçirə bilərsiniz, onunla istədiyinizi edə bilərsiniz, dəyər [Wertding] olaraq o sezilməz qalır. Lakin biz xatırlasaq ki, əmtəələr ancaq eyni bir ictimai vəhdətin – insan əməyinin ifadəsi olduğuna görə dəyərə malikdir, buna görə də onların dəyəri [Wertgegenständlichkeit] xalis ictimai xarakterdədir, onda bizə özlüyündə aydın olur ki, həmin dəyər yalnız bir əmtəənin başqasına ictimai münasibətində təzahür edə bilər. Doğrudan da biz əmtəələrdə gizli olan dəyərin izinə düşmək üçün əmtəələrin mübadilə dəyərindən, yaxud mübadilə nisbətindən başlayırıq. İndi biz dəyərin həmin təzahür formasına qayıtmalıyıq.
Hər kəs – hətta başqa heç bir şey bilməsə də – bunu bilir ki, əmtəələr öz istehlak dəyərlərinin rəngarəng natural formalalarına kəskin surətdə əks olan və onların hamısı üçün ümumi olan dəyər formasına, – məhz dəyərin pul formasına malikdir. Burada biz burjua siyasi iqtisadının heç qarşıya qoymaq fikrində olmadığı bir işi görməli, – məhz bu pul formasının mənşəyini göstərməliyik, yəni əmtəələrin dəyər nisbətindən ibarət olan dəyər ifadəsinin ən sadə, güclə nəzərə çarpan surətindən göz qamaşdıran pul formasına qədər inkişafını izləməliyik. Bununla birlikdə pulun müəmmalılığı da yox olar.
Ən sadə dəyər nisbəti, aşkardır ki, bir əmtəənin başqa çeşiddən – hər hansı çeşiddən olursa-olsun – hər hansı bir əmtəəyə dəyər nisbətidir. Beləliklə, iki əmtəənin dəyər nisbəti müəyyən əmtəənin dəyərinin ən sadə ifadəsini verir.
A. SADƏ, TƏK, YAXUD TƏSADÜFİ DƏYƏR FORMASI
x miqdar A əmtəə = y miqdar V əmtəəyə, yaxud: x miqdar A əmtəə y miqdar V əmtəəyə dəyər. (20 arşın kətan = 1 sürtuka, yaxud: 20 arşın kətan bir sürtuka dəyər.)
1) Dəyər ifadəsinin iki qütbü: nisbi dəyər forması və ekvivalent forma
Hər bir dəyər formasının sirri bu sadə dəyər formasındadır. Buna görə də onun təhlili başlıca çətinlik təşkil edir.
İki müxtəlif əmtəə: A və V, bizim misalda kətan və sürtuk burada, aşkardır ki, iki müxtəlif rol oynayır. Kətan öz dəyərini sürtukda ifadə edir, sürtuk dəyərin bu ifadəsi üçün material xidməti görür. Birinci əmtəə aktiv rol, ikincisi passiv rol oynayır. Birinci əmtəənin dəyəri nisbi dəyər kimi təmsil olunmuşdur, yaxud bu əmtəə nisbi dəyər formasındadır. İkinci əmtəə ekvivalent vəzifəsi daşıyır, yaxud ekvivalent formadadır.
Nisbi dəyər forması ilə ekvivalent forma eyni dəyər ifadəsinin bir-birindən asılı olan, bir-biri üçün şərt olan ayrılmaz cəhətləridir, lakin eyni zamanda bir-birini rədd edən və ya bir-birinə əks olan hədləridir, yəni müxtəlif qütbləridir; bunlar həmişə dəyər ifadəsinin bir-birini nisbətləndirdiyi müxtəlif əmtəələr arasında bölünür. Mən, məsələn, kətanın dəyərini kətanda ifadə edə bilmərəm. 20 arşın kətan = 20 arşın kətana ifadəsi dəyər ifadəsi deyildir. Bu tənlik, daha çox, bunun əksini göstərir: 20 arşın kətan 20 arşın kətandan başqa bir şey deyildir, yəni müəyyən miqdar istehlak şeyidir – kətandır. Deməli, kətanın dəyəri ancaq nisbi şəkildə, yəni başqa əmtəədə ifadə oluna bilər. Buna görə də kətanın nisbi dəyər formasında nəzərdə tutulur ki, başqa bir əmtəə onun qarşısına ekvivalent formada çıxır. Digər tərəfdən, ekvivalent vəzifəsi daşıyan bu başqa əmtəə eyni zamanda nisbi dəyər formasında ola bilməz. Bu əmtəə öz dəyərini ifadə etmir. O ancaq başqa bir əmtəənin dəyərini ifadə etmək üçün material olur.
Doğrudur, 20 arşın kətan = 1 sürtuka, yaxud 20 arşın kətan 1 sürtuka dəyər ifadəsində bunun əksi olan nisbət də vardır: 1 sürtuk = 20 arşın kətana, yaxud 1 sürtuk 20 arşın kətana dəyər. Lakin, beləliklə mən tənliyi tərsnə çevirməli oluram ki, sürtukun nisbi dəyər ifadəsini verim, bu halda sürtukun əvəzinə kətan ekvivalent olur. Deməli eyni bir əmtəə eyni bir dəyər ifadəsində eyni zamanda hər iki formanı qəbul edə bilməz. Bundan əlavə: həmin formalar qütbi surətdə bir-birini rədd edir.
Müəyyən əmtəənin nisbi dəyər formasındamı, yoxsa bunun əksi olan ekvivalent formada olması ancaq, bu dəyər ifadəsində həmin əmtəənin tutduğu yerdən asılıdır, yəni ondan asılıdır ki, bu əmtəə – dəyəri ifadə olunan əmtəədir, yoxsa dəyər ifadə edən əmtəə.
2) Nisbi dəyər forması
a) Nisbi dəyər formasının məzmunu
Bir əmtəənin sadə dəyər ifadəsinin iki əmtəənin dəyər nisbətinə necə daxil olduğunu aydınlaşdırmaq üçün, ən əvvəl, bu nisbətə onun kəmiyyət cəhətindən asılı olmadan baxmaq lazımdır. Adətən isə məhz bunun tərsinə edirlər və dəyər nisbətini ancaq, iki müxtəlif çeşiddən olan əmtəənin müəyyən miqdarının bir-birinə bərabərləşdiyi proporsiya hesab edirlər. Bu zaman unudurlar ki, müxtəlif şeylər yalnız eyni bir vəhdətə müncər edildikdən sonra miqdarca müqayisə edilə bilər. Bunlar yalnız eyni bir vəhdətin ifadələri olaraq eyni adlı kəmiyyət və, deməli, ortaq ölçülü kəmiyyətlərdir.
20 arşın kətan istər bir sürtuka bərabər olsun, istər = 20, istərsə – x sürtuka, başqa sözlə desək, müəyyən miqdar kətan istər çox, istərsə az sürtuk dəyərində olsun, hər halda belə bir proporsiyanın mövcud olmasının özündə həmişə nəzərdə tutulur ki, dəyər kəmiyyətləri olmaq etibarı ilə kətan və sürtuk eyni vəhdətin ifadələridir, eyni təbiətə malik şeylərdir. Kətan = sürtuka ifadəsi tənliyin əsasıdır.
Lakin keyfiyyətcə bərabərləşdirilən bu iki əmtəə eyni rol oynamır. Yalnız kətanın dəyəri öz ifadəsini tapır. Həm də necə? Belə bir yolla tapır ki, kətan sürtuka öz «ekvivalenti», yəni özünün mübadilə edilə biləcəyi bir şey münasibətində olur. Bu nisbətdə sürtuk dəyərin mövcudluq forması, dəyərin [Wertding] təcəssümü olur, çünki ancaq dəyər olmaq etibarı ilə sürtuk kətanın eynidir. Digər tərəfdən, burada kətanın öz dəyər varlığı aşkara çıxır və ya öz müstəqil ifadəsini tapır, çünki ancaq dəyər olmaq etibarı ilə kətan sürtuka özü ilə bərabər qiymətli və ya kətana mübadilə edilə bilən bir şey münasibətində ola bilər. Məsələn, yağ turşusu və qarışqa turşusunun propil efiri müxtəlif maddələrdir. Lakin onların hər ikisi eyni kimyəvi substansiyalardan – karbondan (C), hidrogendən (H) və oksigendən (O) ibarətdir, həm də bunların faiz nisbəti eynidir: bu nisbət məhz belədir: C
H
O
. Əgər biz yağ turşusunu qarışqa propili efirinə bərabər tutsaydıq, onda həmin tənlik əvvələn o demək olardı ki, qarışqa propili efiri C
H
O
-nin ancaq mövcudluq formasıdır və ikincisi, o demək olardı ki, yağ turşusu da C
H
O
-dən ibarətdir. Beləliklə, qarışqa propili efiri yağ turşusuna bərabər tutulduqda, onların fiziki formasından fərqli olaraq onların kimyəvi substansiyaları ifadə edilmiş olardı.
Biz dedikdə ki, əmtəələr dəyər olmaq etibarı ilə sadəcə insan əməyi birkintiləridir, – onda bizim təhlilimiz əmtəələri abstrakt dəyərə müncər edir, lakin onlara öz natural formasından fərqli olan dəyər forması vermir. Bir əmtəənin başqasına dəyər nisbəti isə belə deyildir. Burada əmtəənin dəyər olmaq xarakteri onun başqa əmtəəyə öz nisbətində meydana çıxır. Məsələn, dəyər [Wertding] olmaq etibarı ilə sürtuk kətatna bərabər tutulduqda, birincidə olan əmək ikincidə olan əməyə bərabər tutulur. Əlbəttə, sürtuku yaradan dərzi əməyi kətanı törədən toxucu əməyinə nisbətən başqa növ konkret əməkdir. Lakin toxuculuğa bərabərləşdirilmə, əslində, dərziliyi hər iki əmək növündə həqiqətən eyni olan cəhətə, bunlar da ümumi olan insan əməyi xarakterinə müncər edir.. Sonra belə dolayı yolla təsdiq edilmiş olur ki, toxuculuq da, dəyər toxuduğuna görə, dərzilikdən fərqlənmir, deməli, abstrakt insan əməyidir. Dəyər əmələ gətirən əməyin spesifik xarakterini yalnız, müxtəlif əmtəələrin ekvivalentlik ifadəsi aşkara çıxarır, çünki bu ekvivalentlik ifadəsi müxtəlif əmtəələrdə olan müxtəlif əmək növlərini doğrudan da onlar üçün ümumi olan cəhətə, ümumiyyətlə insan əməyinə müncər edir.
Lakin kətanın dəyərini təşkil edən əməyin spesifik xarakterini ifadə etmək kifayət deyildir. Axar halda olan insan iş qüvvəsi, yaxud insan əməyi, dəyər əmələ gətirir, amma əmək özü dəyər deyildir. Əmək donub qaldıqda, predmet formasında dəyər olur. Kətanın dəyəri insan əməyi birkintisi kimi ifadə edilmək üçün o, kətanın özündən cismən fərqli olan və eyni zamanda həm kətanda, həm də başqa əmtəədə olan xüsusi bir «predmetlik» kimi ifadə olunmalıdır. Bu məsələ artıq həll olunmuşdur.
Kətanın sürtuka dəyər nisbətində sürtuk kətana keyfiyyətcə bərabər bir şey, eyni növdən olan bir şeydir, çünki sürtuk dəyərdir. Sürtuk burada elə bir şey rolu oynayır ki, onda dəyər təzahür edir və ya o öz duyulan natural formasında dəyər təmsil edir. Əlbəttə, sürtük – əmtəənin cismi sürtük – ancaq istehlak dəyəridir. Hər bir kətan parçası kimi, sürtuk da özlüyündə eynilə dəyər ifadə etmir. Lakin bu ancaq sübut edir ki, zər baftalı sürtuk geyən bir çox şəxslər belə sürtuk geyməyənlərdən yuxarıda durduqları kimi, sürtuk da kətana olan öz dəyər nisbətindən kənarda nədirsə, bu nisbət daxilində ondan artıqdır.
Sürtukun istehsalına dərzi əməyi formasında həqiqətən insan iş qüvvəsi sərf olunmuşdur. Deməli, sürtukda insai əməyi toplanmışdır. Bu cəhətdən sürtuk «dəyər daşıyıcısıdır», hərçənd onun bu xassəsi, onun tikildiyi parça nə qədər nazik olsa da həmin parçanın sapları arasından sezilmir. Kətana olan öz dəyər nisbətində də sürtuk özünün ancaq bu cəhəti ilə, yəni təcəssüm etmiş dəyər kimi, dəyər cismi kimi meydana çıxır. Sürtuk burada bütün düymələri bağlı halda meydana çıxsa da, kətan onu gördükdə öz qohumu olan gözəl dəyər qəlbini tanıyır. Lakin kətan üçün dəyər sürtuk forması almadan sürtuk kətanın nəzərində dəyər təmsil edə bilməz. Məsələn, A fərd üçün özlüyündə əlahəzrətlik B fərdin cismani şəklini almadan A fərd B fərdi əlahəzrət hesab edə bilməz, – buna görədir ki, hər dəfə ölkənin hökmdarı dəyişildikdə, əlahəzrətin simasının cizgiləri, onun saçı və bir çox başqa cəhətləri də dəyişilir.
Deməli, sürtukun kətan üçün ekvivalent olduğu dəyər nisbətində sürtuk forması dəyər forması rolu oynayır. Buna görə də kətan əmtəənin dəyəri sürtuk əmtəənin cismində, bir əmtəənin dəyəri başqasının istehlak dəyərində ifadə olunur. İstehlak dəyəri olmaq etibarı ilə kətan sürtukdan hisslə fərqlənən bir şeydir; dəyər olmaq etibarı ilə isə kətan «sürtukabənzərdir», tamamilə sürtuk kimi görünür. Beləliklə, kətan öz natural formasından fərqli olan bir dəyər forması alır. Bir xristianın həlim təbiəti onun özünü məsum quzuya oxşatmasında təzahür etdiyi kimi, kətanın da dəyər varlığı onun sürtuka bənzəməsində təzahür edir.
Biz görürük ki, əvvəllər əmtəə dəyəri təhlilinin bizə söylədiklərinin hamısını kətan başqa bir əmtəə ilə, sürtukla əlaqəyə girdikdən sonra özü söyləyir. Ancaq o öz fikirlərini bildiyi yeganə dildə, əmtəə dilində ifadə edir. Kətan, demək istədikdə ki, insan əməyi kimi öz abstrakt xassəsi vasitəsi ilə əmək kətanın öz dəyərini təşkil edir, o deyir ki, sürtuk mən kətana bərabər olduğuna görə və, deməli, özü də dəyər olduğuna görə o da məni təşkil edən eyni əməkdən ibarətdir. Kətan demək istədikdə ki, onun dəyərinin [Wertgegenständlichkeit] yüksək predmetliyi onun kobud cismindən fərqlidir, o deyir ki, dəyər sürtuk şəklindədir, buna görə də, dəyər [Wertding] olmaq etibarı ilə mən kətan, iki damcı su kimi sürtuka oxşayıram. Sözarası qeyd edək ki, yəhudi dilindən başqa, əmtəə dilində də az-çox müəyyənləşmiş başqa ləhcələr az deyildir. Məsələn, almanca «Wertsein» [«dəyər, dəyər varlığı»] sözü valere, valer, valoir [nə dəyərində olmaq] kimi roman feli qədər aydın surətdə belə bir faktı bildirmir ki, B əmtəənin A əmtəəyə bərabərləşdirilməsi A əmtəənin öz dəyərinin ifadəsidir. Paris vaut bien une messe![22 - „Paris vaut bien une messe" („Paris xeyir-duaya layiqdir") – IV Henrix protestant məzhəbindən katolik məzhəbinə keçərsə, parislilərin onu kral tanıyacaqları vədi ilə əlaqədar olaraq, onun 1593-cu ildə söylədiyi sözlərdir.]
Beləliklə, B əmtəənin natural forması dəyər nisbəti vasitəsi ilə A əmtəənin dəyər forması olur, yaxud B əmtəənin cismi A əmtəənin dəyəri üçün güzgü olur[23 - Bəzi cəhətlərdən insan əmtəəni xatırladır. İnsan əlində güzgü ilə və „Mən mənəm“ deyən fixteçi filosof kimi doğulmadığına görə, o, əvvəlcə güzgüyə baxırmış kimi başqa adama baxır. Pyotr adlı bir adam Pavel adlı bir adama yalnız özünə bənzər bir insan kimi yanaşmaqla özünə də bir insan kimi yanaşmağa başlayır. Bununla birlikdə də özlüyündə Pavel, onun bütün Pavel cismi onun üçün „insan“ nəslinin təzahür forması olur.]. A əmtəə 3 əmtəəyə bir dəyər cisminə, maddiləşmiş insan əməyinə olan bir münasibət bəsləyərək, B-nin istehlak dəyərini öz dəyərinin ifadəsi üçün material edir. Beləliklə, B əmtəənin istehlak dəyərində A əmtəənin ifadə olunan dəyəri nisbi dəyər formasına malikdir.
b) Nisbi dəyər formasının miqdar müəyyənliyi
Dəyəri ifadə edilməli olan hər bir əmtəə müəyyən miqdar istehlak şeyindən, məsələn, 15 şeffel buğdadan, 100 funt qəhvədən və i. a. ibarətdir. Bu müəyyən miqdar əmtəədə müəyyən miqdar insan əməyi vardır. Deməli, dəyər forması nəinki ümumiyyətlə dəyəri, habelə miqdarca müəyyən olan dəyəri, yaxud dəyər kəmiyyətini ifadə etməlidir. Buna görə A əmtəənin B əmtəəyə, kətanın sürtuka dəyər nisbətində sürtuk növlü əmtəə nəinki ümumiyyətlə dəyər cismi olan kətanla keyfiyyətcə eyniləşdirilir, habelə müəyyən miqdar kətana, məsələn 20 arşın kətana müəyyən miqdar dəyər cismi, yaxud müəyyən miqdar ekvivalent, məsələn 1 sürtuk bərabər tutulur.
«20 arşın kətan = 1 sürtuka, yaxud 20 arşın kətan 1 surtuka dəyər» tənliyində nəzərdə tutulur ki, 20 arşın kətanda nə qədər dəyər substansiyası varsa, bir sürtukda da tam o qədər dəyər substansiyası vardır, bu hər iki miqdar əmtəə bərabər miqdar əmək, yaxud bərabər miqdar iş vaxtı dəyərindədir. Lakin dərzilikdə və ya toxuculuqda əməyin məhsuldar qüvvəsi hər dəfə dəyişildikdə, 20 arşın kətanın və ya 1 sürtukun istehsalı üçün lazım olan iş vaxtı da dəyişilir. İndi biz dəyər kəmiyyətinin nisbi ifadəsinə belə bir dəyişilmənin təsirini daha ətraflı tədqiq edək.
I. Tutaq ki, kətanın dəyəri dəyişilir[24 - Yuxarıda bəzi yerlərdə olduğu kimi, burada da „dəyər“ ifadəsi miqdarca müəyyən dəyəri, yəni dəyər kəmiyyətini bildirmək üçün işlədilir.], sürtukun dəyəri isə sabit qalır. Məsələn, kətan əkilən torpağın münbitliyinin aşağı düşməsi nəticəsində kətan istehsalı üçün lazım olan iş vaxtı ikiqat artırsa, kətanın dəyəri də ikiqat artır. 20 arşın kətan = 1 sürtuka tənliyi əvəzində biz 20 arşın kətan = 2 sürtuka tənliyini alırıq, çünki indi 1 sürtukda 20 arşın kətanda olan iş vaxtının ancaq yarısı vardır. Əksinə, kətanın istehsalı üçün lazım olan iş vaxtı, məsələn, toxucu dəzgahlarının təkmilləşməsi nəticəsində yarıbayarı azalırsa, kətanın dəyəri də yarıbayarı aşağı düşər. Buna uyğun olaraq indi biz belə bir tənlik alırıq: 20 arşın kətan = 2 sürtuka. B əmtəənin dəyəri sabit qaldıqda, A əmtəənin nisbi dəyəri, yəni onun B əmtəədə ifadə olunan dəyəri A əmtəənin dəyəri ilə düz mütənasib olaraq qalxır və aşağı düşür.
II. Tutaq ki, kətanın dəyəri sabit qalır, sürtukun dəyəri isə dəyişilir. Bu halda sürtukun istehsalı üçün lazım olan iş vaxtı, məsələn, az yun qırxılması nəticəsində ikiqat artırsa, 20 arşın kətan = 1 sürtuka tənliyi əvəzində biz 20 arşın kətan = 2 sürtuka tənliyini alırıq. Əksinə, sürtukun dəyəri yarıbayarı aşağı düşürsə, 20 arşın kətan = 2 sürtuka. A əmtəənin dəyəri sabit qaldıqda, onun B əmtəədə ifadə olunan nisbi dəyəri B əmtəənin dəyərinin dəyişilməsinə tərs nisbətdə aşağı düşür və ya qalxır.
I və II misallardakı ayrı-ayrı halları müqayisə etdikdə, biz görürük ki, nisbi dəyərin kəmiyyətindəki eyni bir dəyişiklik bir-birinə tamamilə əks olan səbəblərdən irəli gələ bilər. Məsələn, 20 arşın kətan = 1 sürtuka tənliyi əvəzində 20 arşın kətan = 2 sürtuka tənliyi alına bilər, bu da ya ona görə ola bilər ki, kətanın dəyəri ikiqat artsın, ya da ona görə ola bilər ki, sürtukun dəyəri yarıbayarı aşağı düşsün; digər tərəfdən, həmin əvvəlki tənlik əvəzində 20 arşın kətan = 1/2 sürtuka tənliyi alınır, bu da ya ona görə ola bilər ki, kətanın dəyəri yarıbayarı aşağı düşsün, ya da ona görə ola bilər ki, sürtukun dəyəri ikiqat qalxsın.
III. Tutaq ki, kətanın və sürtukun istehsalı üçün lazım olan əməyin miqdarı eyni zamanda, eyni istiqamətdə və eyni proporsiyada dəyişilir. Bu halda həmin əmtəələrin dəyəri hər necə dəyişilsə də, yenə əvvəlki kimi, 20 arşın kətan = 1 sürtuka. Bu əmtəələrin dəyərinin dəyişilməsini biz ancaq dəyəri sabit qalan üçüncü əmtəə ilə müqayisə etdikdə aşkara çıxara bilərik. Bütün əmtəələrin dəyərləri eyni zamanda, eyni proporsiyada qalxsaydı və ya aşağı düşsəydi, onların nisbi dəyərləri dəyişilməz qalardı. Bu halda əmtəələrin dəyərinin həqiqətən dəyişilməsi özünü ancaq bunda göstərərdi ki, eyni iş vaxtı ərzində ümumiyyətlə əvvəlkindən çox və ya az miqdar əmtəə istehsal edilərdi.
IV. Tutaq ki, kətan və sürtukun istehsalı üçün lazım olan iş vaxtı və, deməli, bunların dəyəri də eyni zamanda, eyni istiqamətdə, lakin müxtəlif dərəcədə dəyişilir, yaxud əks istiqamətdə dəyişilir və i. a. Əmtəənin nisbi dəyərinə mümkün olan bütün bu cür dəyişikliklərin təsiri I, II və III halların sadəcə tətbiqi ilə müəyyən olunur.
Gördüyümüz kimi, dəyər kəmiyyətinin həqiqətən dəyişilməsi halları dəyər kəmiyyətinin nisbi ifadəsində, yaxud nisbi dəyərin kəmiyyətində kifayət qədər aydın və dolğun əks olunmur. Əmtəə dəyərinin sabit qaldığına baxmayaraq, onun nisbi dəyəri dəyişilə bilər. Onun dəyərinin dəyişildiyinə baxmayaraq, nisbi dəyəri sabit qala bilər və, nəhayət, dəyər kəmiyyətində və bu dəyər kəmiyyətinin nisbi ifadəsində eyni zamanda baş verən dəyişikliklər heç də həmişə bir-birinə tamam uyğun olmur.
3) Ekvivalent forma
Biz gördük ki, müəyyən bir A əmtəə (kətan) öz dəyərini ondan fərqli olan B əmtəənin (sürtukun) istehlak dəyərində ifadə etdikdə, o eyni zamanda bu əmtəəyə xüsusi bir dəyər forması, ekvivalent forma verir. Kətan əmtəə öz dəyər varlığını bununla meydana çıxarır ki, sürtuk öz cismani formasından fərqli olan heç bir dəyər forması almadan kətana bərabər tutulur. Beləliklə, kətan öz dəyər varlığını faktik surətdə bununla ifadə edir ki, sürtuk ona bilavasitə mübadilə edilə bilər. Buna görə də müəyyən bir əmtəənin ekvivalent forması onun başqa əmtəəyə bilavasitə mübadilə edilə bilməsi formasıdır.
Müəyyən növ əmtəə, məsələn sürtuklar, başqa növ əmtəə üçün, məsələn, kətan üçün ekvivalent xidməti görürsə, beləliklə də sürtuklar kətana bilavasitə mübadilə edilə bilmək formasında olmaq kimi xarakterik bir xassə kəsb edirsə, bununla hələ heç də sürtuklarla kətanın bir-birinə mübadilə oluna bildiyi proporsiya göstərilmir. Kətanın dəyər kəmiyyəti məlumdursa, bu proporsiya sürtukların dəyər kəmiyyətindən asılıdır. İstər sürtuk ekvivalent olsun, kətan nisbi dəyər, istərsə də, əksinə, kətan ekvivalent olsun, sürtuk nisbi dəyər, hər bir halda sürtukun dəyər kəmiyyəti onun istehsalı üçün lazım gələn iş vaxtı ilə, deməli, onun dəyərinin formasından asılı olmadan müəyyən olunur. Lakin sürtuk növlü əmtəə dəyər ifadəsində ekvivalent yeri tutursa, onun dəyər kəmiyyəti özlüyündə heç bir şəkildə ifadə olunmur. Bundan əlavə: sürtukun dəyər kəmiyyəti dəyər tənliyində ancaq məlum şeyin müəyyən miqdarı kimi iştirak edir.
Məsələn: 40 arşın kətan nəyə «dəyər»? İki sürtuka. Burada sürtuk növlü əmtəə ekvivalent rolu oynadığına görə və istehlak dəyəri olan sürtuk kətanın qarşısına dəyər cismi kimi çıxdığına görə, kətanın müəyyən dəyər kəmiyyətini ifadə etmək üçün müəyyən miqdar sürtuk olması kifayətdir. Buna görə də iki sürtuk 40 arşın kətanın dəyər kəmiyyətini ifadə edə bilər, lakin öz dəyərinin kəmiyyətini, sürtukların dəyər kəmiyyətini heç vaxt ifadə edə bilməz. Dəyər tənliyində ekvivalentin həmişə ancaq müəyyən miqdar məlum şey, müəyyən istehlak dəyəri formasında olması faktını səthi anlamaq Beylini yanlış yola salmış və öz sələf və xələflərindən bir çoxları kimi, onu da dəyər ifadəsində ancaq miqdar nisbəti görməyə məcbur etmişdir. Həqiqətdə əmtəənin ekvivalent formasında dəyərin heç bir miqdar müəyyənliyi yoxdur.
Ekvivalent formanı araşdırarkən nəzərə çarpan birinci xüsusiyyət ondan ibarətdir ki, istehlak dəyəri öz əksliyinin, dəyərin təzahür forması olur.
Əmtəənin natural forması dəyərin forması olur. Lakin no nota bene [yaxşıca nəzərə alın]: B əmtəə (sürtuk, yaxud buğda, yaxud dəmir və i. a.) üçün bu quid pro quo [birinin yerinə başqasının meydana çıxması] yalnız həmin əmtəə ilə hər hansı bir A əmtəənin (kətanın və i a.) əlaqəyə girdiyi dəyər nisbəti daxilində, ancaq nisbət çərçivəsində baş verir. Heç bir əmtəə özünə ekvivalent nisbətində ola bilmədiyinə görə və, deməli, öz təbii görünüşünü öz dəyərinin ifadəsi edə bilmədiyinə görə, başqa bir əmtəəyə ekvivalent nisbətində olmalı, yaxud başqa bir əmtəənin təbii görünüşünü özünün dəyər forması etməlidir.
Məsələ daha aydın olsun deyə, bunu əmtəə cisimləri özlüyündə, yəni istehlak dəyərləri kimi ölçülərkən istifadə olunan ölçülərin timsalında göstərək. Fiziki cisim olan qənd kəlləsinin müəyyən ağırlığı, çəkisi vardır, lakin heç bir qənd kəlləsi onun çəkisini bilavasitə görmək və ya hiss etmək imkanı vermir. Buna görə də biz çəkisi əvvəlcədən müəyyən edilmiş olan bir neçə dəmir parçası götürürük. Qənd kəlləsinin cismani forması kimi, dəmirin də cismani forması özlüyündə götürüldükdə, əsla ağırlığın təzahür forması deyildir. Bununla belə, qənd kəlləsini ağırlıq kimi ifadə etmək üçün biz onu dəmirlə çəki nisbətinə gətiririk. Bu nisbətdə dəmir ağırlıqdan başqa heç bir şeydən ibarət olmayan bir cisimdir. Buna görə də dəmirin miqdarı qəndin çəkisi üçün ölçüdür və qəndin fiziki cisminə nisbətdə ancaq ağırlıq təcəssümüdür, yaxud ağırlığın təzahür formasıdır. Dəmir ancaq çəkisi axtarılan qəndin və ya başqa bir cismin onunla əlaqəyə girdiyi nisbət daxilində belə bir rol oynayır. Əgər hər iki cismin ağırlığı olmasaydı, onlar bu nisbətə girə bilməzdi və bunlardan biri digərinin ağırlıq ifadəsi ola bilməzdi. Biz onları tərəzinin gözünə qoyduqda, yəqin edərik ki, ağırlıq olmaq etibarı ilə onların hər ikisi həqiqətən bir-birinin eynidir və buna görə də müəyyən proporsiyada götürüldükdə, onların çəkisi bir olur. Dəmirin cismi çəki ölçüsü olmaq etibarı ilə, qənd kəlləsinə nisbətdə ancaq ağırlığı təmsil etdiyi kimi, bizim dəyər ifadəmizdə də, sürtukun cismi kətana nisbətdə ancaq dəyəri təmsil edir.
Lakin bənzəyiş buradaca bitir. Qənd kəlləsinin çəki ifadəsində dəmir hər iki cisimdə olan təbii xassəni, yəni ağırlığı təmsil edir, kətanın dəyər ifadəsində isə sürtuk hər iki şeyin təbii olmayan bir xassəsini: onların dəyərini, xalis ictimai bir cəhəti təmsil edir.
Əmtəənin, məsələn, kətanın nisbi dəyər forması onun dəyər varlığını onun cismindən və bu cismin xassələrindən tamamilə fərqli bir şey kimi, məsələn, «sürtukabənzər» bir şey kimi ifadə etdiyinə görə, artıq həmin ifadənin özü göstərir ki, onun arxasında müəyyən bir ictimai münasibət gizlənir. Ekvivalent forma isə buna lap əks xarakter daşıyır. Axı bu forma məhz ondan ibarətdir ki, müəyyən əmtəə cismi, məsələn, sürtuk, özlüyündə müəyyən bir şey dəyəri ifadə edir, deməli, lap öz təbiəti etibarı ilə dəyər formasına malikdir. Doğrudur, bu ancaq elə bir dəyər nisbəti çərçivəsində doğru ola bilər ki, orada kətan, əmtəə sürtuk əmtəəyə bir ekvivalent münasibətində olsun[25 - Bu cür nisbi təriflər ümumiyyətlə çox qəribə bir şeydir. Məsələn, bir adam ancaq ona görə kraldır ki, başqaları özlərini onun təbəəsi hesab edirlər. Halbuki onlar, əksinə, belə düşünürlər ki, özlərinin təbəə olmasına səbəb həmin şəxsin kral olmasıdır.]. Lakin müəyyən bir şeyin xassələri onun başqa şeylərə olan münasibətindən meydana gəlməyib belə bir münasibət daxilində ancaq aşkara çıxdığı üçün elə görünür ki, sürtukda ağırlığı və ya istiliyi saxlamaq qabiliyyəti olduğu kimi eynilə ekvivalent forma, başqa əmtəələrə bilavasitə mübadilə olunmaq qabiliyyəti də guya əzəldən vardır. Kobud burjua baxışlı bir iqtisadçının qarşısına ancaq hazır şəkildə – pul kimi çıxdıqda onu heyrətə salan ekvivalent formanın müəmmalılığı da buradan irəli gəlir. Onda iqtisadçı qızıl ilə gümüşün mistik xarakterindən yaxasını qurtarmağa çalışaraq, bunların yerinə öz parıltısı ilə gözləri az qamaşdıran əmtəələr qoymağa və vaxtı ilə əmtəə ekvivalenti rolu oynamış adi əmtəələrin adlarını getdikcə daha artıq bir həvəslə sadalamağa başlayır. O heç ağlına da gətirmir ki, artıq ən sadə dəyər ifadəsi: 20 arşın kətan = 1 sürtuka ifadəsi ekvivalent formanın sirrini açmağa imkan verir.
Ekvivalent xidməti görən əmtəənin cismi həmişə abstrakt insan əməyinin təcəssümü kimi meydana çıxır və eyni zamanda da həmişə müəyyən bir faydalı, konkret əməyin məhsuludur. Beləliklə, bu konkret əmək abstrakt insan əməyinin ifadəsi olur. Məsələn, sürtuk ancaq abstrakt insan əməyinin təcəssümü olan bir şeydirsə, onda faktik surətdə bu sürtukda təcəssüm edən dərzi əməyi də abstrakt insan əməyinin təcəssümü formasından başqa bir şey deyildir. Kətanın dəyər ifadəsində dərzi əməyinin faydalılığı bu əməyin paltar hazırlanmasında və, deməli, – insan hazırlanmasında[26 - Orijinalda bir qədər dəyişdirilmiş şəkildə belə bir məşhur alman məsəli vardır: „Kleider niachen Leute“ (hərfi mənası belədir: „paltar adamları yaradır“, mənası isə bu cürdür: „kötüyü bəzəsən, kötük də yaxşı görünər“, yaxud: „adamı libasına görə qarşılayarlar“). Red.] deyildir, elə bir şey istehsal etməsindədir ki, bunda biz dərhal dəyəri görürük, yəni kətanın dəyərində maddiləşmiş əməkdən əsla fərqlənməyən əmək birkintisi görürük. Belə bir dəyər güzgüsü hazırlamaq üçün dərzilik özündə ümumiyyətlə insan əməyi olmaq kimi öz abstrakt xassəsindən başqa heç bir şeyi əks etdirməməlidir.
Dərzilik formasında, həmçinin toxuculuq formasında, insan iş qüvvəsi sərf olunur. Deməli, bu hər iki fəaliyyət insan əməyi olmaq kimi ümumi bir xassəyə malikdir və bəzi müəyyən hallarda, məsələn, dəyər istehsalında bunlar ancaq həmin nöqteyi-nəzərdən götürülməlidir. Bunda mistik heç bir şey yoxdur. Lakin əmtəə dəyərinin ifadəsində məsələ başqa şəkil alır. Məsələn, kətanın dəyərini toxuculuğun öz konkret formasında deyil, insan əməyi olmaq kimi özünün ən ümumi keyfiyyəti ilə yaratdığını ifadə etmək üçün toxuculuğa dərzilik, – kətanın ekvivalentini yaradan konkret əmək abstrakt insan əməyi təcəssümünün əyani forması kimi qarşı qoyulur.
Beləliklə, ekvivalent formanın ikinci xüsusiyyəti ondan ibarətdir ki, burada konkret əmək öz əksliyinin, abstrakt insan əməyinin təzahür forması olur.
Lakin bu konkret əmək, dərzilik, burada fərqlərdən məhrum olan insan əməyinin sadəcə ifadəsi kimi meydana çıxdığına görə, o başqa bir əməklə, kətandakı əməklə bərabərlik formasına malik olur; buna görə də o, əmtəə istehsal edən hər bir başqa əmək kimi, xüsusi əmək olduğuna baxmayaraq, hər halda bilavasitə ictimai formada olan əməkdir. Məhz buna görə də həmin əmək başqa əmtəəyə bilavasitə mübadilə oluna bilən bir məhsulda ifadə olunur. Beləliklə, ekvivalent formanın üçüncü xüsusiyyəti ondan ibarətdir ki, xüsusi əmək öz əksliyinin forması olur, yəni bilavasitə ictimai formada əmək olur.
Bir çox təfəkkür formaları ilə, ictimai formalarla və təbii formalarla yanaşı olaraq ilk dəfə dəyər formasını təhlil edən böyük tədqiqatçıya müraciət etsək, ekvivalent formanın hər iki son xüsusiyyəti bizim üçün daha aydın olar. Mən Aristoteli nəzərdə tuturam.
Aristotel hər şeydən əvvəl tamamilə aydın göstərir ki, əmtəənin pul forması sadə dəyər formasının ancaq daha da inkişafıdır, yəni bir əmtəə dəyərinin hər hansı başqa bir əmtəə dəyərində ifadəsinin daha da inkişafıdır; o deyir:

«5 yataq = 1 evə»,
«eynilə o deməkdir» ki:
5 yataq = filan qədər pula
Daha sonra, o başa düşür ki, bu dəyər ifadəsini ehtiva edən dəyər nisbəti özü də evlə yatağın keyfiyyətcə eyniləşdirildiyini bildirir və fərqləri hiss edilən bu şeylərin mahiyyətləri arasında belə bir eyniyyət olmasaydı, bunlar bir-birinə ortaq ölçülü kəmiyyətlər nisbətində ola bilməzdi.
O deyir: «Bərabərlik olmadan mübadilə ola bilməz, ortaq ölçü olmadan isə bərabərlik ola bilməz». Lakin o burada çətinlikdə qalıb dayanır və dəyər formasının təhlilini daha davam etdirmir. «Lakin həqiqətdə mümkün deyildir ki, bu qədər müxtəlif şeylər ortaq ölçülü olsun», yəni keyfiyyətcə bərabər olsun. Belə bir bərabərləşdirmə şeylərin əsil təbiətinə ancaq yabançı ola bilər, deməli, ancaq «əməli tələbatı ödəmək üçün süni bir üsul» ola bilər.
Beləliklə, Aristotel öz təhlilini davam etdirə bilməməsinin səbəbini özü bizə göstərmiş olur, bu, dəyər anlayışının olmamasıdır. Yataqların dəyər ifadəsində yataqlar üçün evin təmsil etdiyi bərabər cəhət, yəni ümumi substansiya nədən ibarətdir? Aristotel deyir ki, belə bir şey «həqiqətdə mövcud ola bilməz». Nəyə görə? Ev yatağın qarşısına bərabər bir şey kimi çıxır, çünki ev bunların hər ikisində – həm evdə, həm də yataqda olan həqiqətən ümumi cəhəti təmsil edir. Bu isə insan əməyidir.
Lakin əmtəə dəyərləri formasında bütün əmək növlərinin bərabər və, deməli, eyni əhəmiyyətə malik insan əməyi kimi ifadə olunması faktını Aristotel dəyər formasının özündən aşkara çıxara bilməmişdi, çünki yunan cəmiyyəti qul əməyinə əsaslanırdı və buna görə də onun təbii bazisi insanların və onların iş qüvvəsinin bərabərsizliyi idi. Bütün əmək növləri ümumiyyətlə insan əməyi olduğundan, onların bərabərliyini və eyni əhəmiyyətə malik olmasını, – dəyər ifadəsinin bu sirrini yalnız o zaman açmaq olar ki, insanların bərabərliyi ideyası xalqın beynində artıq möhkəm kök salmış olsun. Bu isə ancaq elə bir cəmiyyətdə mümkündür ki, orada əmtəə forması əmək məhsulunun ümumi forması olsun və, deməli, əmtəə-sahibləri olaraq insanların bir-birinə münasibəti hakim ictimai münasibət olsun. Aristotelin dühası özünü məhz bunda göstərir ki, o, əmtəələrin dəyər ifadəsində bərabərlik münasibətini kəşf edir. Yalnız onun yaşadığı cəmiyyətin tarixi çərçivəsi ona «həqiqətdə» bu bərabərlik münasibətinin məhz nədən ibarət olduğunu aşkara çıxarmaqda mane olmuşdur.
4) Bütövlükdə sadə dəyər forması
Əmtəənin sadə dəyər forması həmin əmtəənin onunla eyni cinsdən olmayan əmtəəyə dəyər nisbətindən, yaxud onun bu axırıncıya mübadilə nisbətindən ibarətdir. Keyfiyyətcə A əmtəənin dəyəri B əmtəənin A əmtəəyə bilavasitə mübadilə edilə bilməsində ifadə olunur. Miqdar cəhətdən isə o, müəyyən qədər B əmtəənin məlum miqdar A əmtəəyə mübadilə edilə bilməsində ifadə olunur. Başqa sözlə: əmtəənin dəyəri o zaman müstəqil ifadə olunur ki, bu dəyər bir «mübadilə dəyəri» kimi götürülsün. Biz bu fəslin əvvəllərində ümumən qəbul edilmiş şəkildə demişdik ki, əmtəə istehlak dəyəri EƏ mübadilə dəyəridir, lakin ciddi yanaşsaq, bu doğru deyildir. Əmtəə istehlak dəyəri, yaxud istehlak şeyidir və «dəyərdir». Əmtəə bu ikili təbiətini o zaman aşkara çıxarır ki, onun dəyəri onun natural formasından fərqli olan xüsusi bir təzahür forması alır, məhz mübadilə dəyəri formasını alır, həm də təcrid edilmiş halda nəzərdən keçirilən əmtəə heç zaman bu formaya malik olmur, lakin bu formaya həmişə ancaq başqa əmtəəyə, onunla eyni cinsdən olmayan əmtəəyə dəyər nisbətində, yaxud mübadilə nisbətində malik olur. Bir halda ki, bu bizim yadımızdadır, onda yuxarıda dürüst işlədilməyən ifadə səhv doğurmur, ancaq ixtisar xatirinə işlədilir.
Təhlilimiz göstərdi ki, əmtəənin dəyər forması, yaxud dəyər ifadəsi əmtəə dəyərinin təbiətindən irəli gəlir, heç də bunun əksinə deyildir, dəyər və dəyərin kəmiyyəti onu mübadilə dəyəri kimi ifadə etmək üsulundan irəli gəlmir. Lakin istər merkantilistlər və onların Ferye, Qanil və i. a. kimi müasir pərəstişkarları, istərsə bunların antipodları, Bastia və kompaniyası kimi müasir azad ticarət tərəfdarları məhz belə xəyal edirlər. Merkantilistlər ağırlıq mərkəzini dəyər ifadəsinin keyfiyyət cəhəti üzərinə, əmtəənin pulda öz mükəmməl ifadəsini tapan ekvivalent forması üzərinə keçirirlər, – öz malını hər necə olsa başdan etməli olan müasir azad ticarət çərçiləri isə, əksinə, başlıca diqqəti nisbi dəyər formasının kəmiyyət cəhətinə verirlər. Deməli, onların fikrincə, əmtəənin həm dəyəri, həm də dəyər kəmiyyəti ancaq əmtəələrin mübadilə münasibətində əldə etdikləri ifadədə, yəni ancaq əmtəələrin hazırkı qiymət cədvəli sütunlarında mövcuddur. Öz peşəsinə görə vəzifəsi Lombard–strit bankirlərinin qarma-qarışıq təsəvvürlərini mümkün qədər daha çox alimliklə bəzəməkdən ibarət olan şotlandiyalı Makleod mövhumatçı merkantilistlərlə azad ticarətin məlumatlı tərəfdarlarının müvəffəqiyyətli sintezindən ibarətdir.
A əmtəənin B əmtəəyə mübadilə nisbətində A əmtəənin dəyər ifadəsinin yaxından nəzərdən keçirilməsi bizə göstərdi ki, bu nisbət daxilində A əmtəənin natural forması ancaq istehlak dəyərinin surətidir, B əmtəənin natural forması isə ancaq dəyərin formasıdır, yaxud dəyərin surətidir. Beləliklə əmtəədə istehlak dəyəri ilə dəyər arasında gizli halda olan daxili əkslik xarici əkslik vasitəsi ilə, yəni iki əmtəənin nisbəti vasitəsi ilə ifadə olunur, bu nisbətdə bir əmtəə – dəyəri ifadə olunan əmtəə – bilavasitə ancaq istehlak dəyəri rolu oynayır, digər əmtəə – dəyər ifadə edən əmtəə – isə bilavasitə ancaq mübadilə dəyəri rolu oynayır. Deməli, əmtəənin sadə dəyər forması əmtəədə istehlak dəyəri ilə dəyər arasında olan əksliyi sadə təzahür formasıdır.
Hər bir cəmiyyətdə əmək məhsulu istehlak şeyidir, lakin ancaq müəyyən bir tarixi inkişaf dövrü əmək məhsulunu əmtəəyə çevirir; bu da məhz elə bir dövrdür ki, orada faydalı şeyin istehsalına sərf olunan əmək həmin şeyin «predmetlik» xassəsi, onun dəyəri kimi meydana gəlir. Buradan belə bir nəticə çıxır ki, əmtəənin sadə dəyər forması eyni zamanda əmək məhsulunun sadə əmtəə formasıdır, buna görə də əmtəə formasının inkişafı dəyər formasının inkişafına mütabiqdir.
Sadə dəyər formasının, ancaq bir sıra metamorfozlardan keçərək gəlib qiymət forması alan bu rüşeym formasının kafi olmadığı artıq ilk nəzərdən aydındır.
A əmtəənin dəyərinin hər hansı bir B əmtəədə ifadəsi A əmtəənin dəyərini ancaq onun öz istehlak dəyərindən fərqləndirir və buna görə də onu özündən fərqli olan hər hansı bir tək əmtəə ilə mübadilə münasibətinə gətirir; lakin bu ifadə həmin əmtəənin bütün başqa əmtəələrlə keyfiyyət eyniliyini və miqdar mütənasiblıyini bildirmir. Bir əmtəənin sadə nisbi dəyər formasına başqa əmtəənin tək ekvivalent forması mütabiqdir. Məsələn, kətanın nisbi dəyər ifadəsində sürtuk ancaq bu tək əmtəəyə, kətana nisbətən ekvivalent formaya, yaxud bilavasitə mübadilə olunmaq formasına malikdir.
Halbuki tək dəyər forması öz-özünə daha mükəmməl formaya keçir. Doğrudur, tək forma vasitəsi ilə bir A əmtəənin dəyəri başqa növdən olan ancaq bir əmtəədə ifadə olunur, amma bu zaman əsla fərqi yoxdur ki, həmin əmtəə məhz hansı əmtəədir: sürtukmu, dəmirmi, buğdamıdır və i. a. Eyni bir əmtəə gah bu növ, gah da başqa növ əmtəə ilə mübadilə münasibətlərinə girdikcə, onun dəyərinin müxtəlif sadə ifadələri meydana gəlir. Onun dəyər ifadələrinin sayı ancaq özündən fərqli olan əmtəə növlərinin sayı qədərdir. Beləliklə, əmtəə dəyərinin tək ifadəsi onun dəyərinin bir sıra müxtəlif sadə ifadələrinə çevrilir; həm də sıra istənildiyi kimi uzadıla bilər.
B. DOLĞUN VƏ YA GENİŞ DƏYƏR FORMASI

z miqdar A əmtəə = u miqdar B əmtəəyə, yaxud = v miqdar S əmtəəyə, yaxud = w miqdar D əmtəəyə, yaxud = x miqdar E əmtəəyə, yaxud = i. a.
(20 arşın kətan=1 sürtuka, yaxud=10 f. çaya, yaxud=40 f. qəhvəyə, yaxud=1 kvarter buğdaya, yaxud=2 unsiya qızıla, yaxud=1/2 ton dəmirə, yaxud = i. a.)

1) Geniş nisbi dəyər forması
İndi məlum əmtəənin, məsələn, kətanın dəyəri əmtəə aləminin saysız-hesabsız başqa ünsürlərində ifadə olunur. Hər bir başqa əmtəə cismi kətanın dəyəri üçün güzgü olur[27 - Buna görə də kətanın dəyərini sürtuklarda ifadə edirlərsə, kətanın sürtuk dəyərindən, onu taxılda ifadə edirlərsə, kətanın taxıl dəyərindən bəhs edirlər və i. a. Hər bir belə ifadə o deməkdir ki, sürtukun, taxılın və i. a. istehlak dəyərində kətanın dəyərindən başqa bir şey təzahür etmir. „Hər bir əmtəənin dəyəri onun mübadilə nisbəti demək olduğuna görə… biz onun barəsində… taxıl dəyəri, mahud dəyəri və s. kimi bəhs edə bilərik; bu da həmin əmtəənin hansı başqa əmtəə ilə müqayisə olunmasından asılıdır; beləliklə, dəyərin minlərlə müxtəlif növləri vardır, – nə qədər əmtəə varsa, düz o qədər də dəyər növləri vardır və bunların hamısı eyni dərəcədə nominaldır” („A Critical Dissertation on the Nature, Measures, and Causes of Value; chiefly in reference to the writings of Mr. Ricardo and his followers. By the Autor of Essays on the Formation etc. Of Opinions”. London, 1825, p. 39). Vaxtı ilə İngiltərədə böyük gurultu qoparan bu anonim əsərin müəllifi S. Beyli xəyal edir ki, eyni bir əmtəə dövriyyənin bu rəngarəng nisbi ifadələrini göstərməklə, dəyər anlayışına tərif verməkdə hər bir imkanı məhv etmişdir. Onun üzərinə Rikardo məktəbinin, məsələn, “Westminster Review“ nə qədər əsəbiliklə hücum etməsi sübut edir ki, bütün öz məhdudluğuna baxmayaraq o hər halda Rikardo nəzəriyyəsinin zəif yerlərini hiss etmişdir.]. Beləliklə, ancaq indi bu dəyər özü həqiqətən fərqlərdən məhrum insan əməyi birkintisi kimi meydana çıxır. Çünki həmin dəyəri yaradan əmək indi hər bir başqa insan əməyinə bərabər bir əmək kimi tamamilə aydın ifadə olunmuşdur ki, burada da insan əməyinin nə kimi natural formaya malik olmasının və sürtukda, buğdada, dəmirdə, qızıldamı və i. a. maddiləşməsinin fərqi yoxdur. Buna görə də indi kətan öz dəyər forması sayəsində başqa növ yalnız bircə əmtəə ilə deyil, bütün əmtəə aləmi ilə də ictimai münasibətə girir. Əmtəə olmaq etibarı ilə o bu aləmin vətəndaşıdır. Eyni zamanda əmtəə dəyərinin sonsuz ifadə sırası göstərir ki, əmtəə dəyəri təzahür etdiyi hər bir xüsusi istehlak dəyəri formasına tam etinasızlıqla yanaşır.
Birinci formada – 20 arşın kətan=1 sürtuka formasında – bu iki əmtəənin bir-birinə müəyyən miqdar nisbətində mübadilə olunması sadə bir təsadüf kimi görünə bilər. Əksinə, ikinci formada bunun arxasında gizlənən, təsadüfi təzahürdən mahiyyətcə fərqlənən və bu təzahürü müəyyən edən əsas dərhal meydana çıxır. Kətan dəyəri öz kəmiyyəti etibarı ilə eynilə qalır, o istər sürtukda, qəhvədə, dəmirdə və i. a., – ən müxtəlif sahiblərə məxsus saysız-hesabsız müxtəlif əmtəələrdə ifadə olunsun, – bunun fərqi yoxdur. İki fərdi əmtəə sahibinin təsadüfi münasibəti aradan qalxır. Aydın olur ki, mübadilə əmtəənin dəyər kəmiyyətini tənzim etmir, əksinə, əmtəənin dəyər kəmiyyəti onun mübadilə nisbətlərini tənzim edir.
2) Xüsusi ekvivalent forma
Hər bir əmtəə: sürtuk, çay, buğda, dəmir və i. a., kətanın dəyər ifadəsində ekvivalent kimi və buna görə də dəyər çismi kimi meydana çıxır. İndi bu əmtəələrdən hər birinin müəyyən natural forması bir çox başqaları ilə yanaşı xüsusi ekvivalent formadır. Eynilə də müxtəlif əmtəə cisimlərində olan cürbəcür müəyyən, konkret faydalı əmək növləri indi ancaq, ümumiyyətlə insan əməyinin təcəssümü və təzahürünün xüsusi formaları kimi meydana çıxır.
3) Dolğun və ya geniş dəyər formasının nöqsanları
Əvvələn, əmtəənin nisbi dəyər ifadəsi burada natamamdır, çünki onun dəyərini ifadə edəm sıra heç bir zaman bitmir. Halqaları dəyər tənliklərindən ibarət olan silsilə yeni meydana çıxan və dəyərin yeni ifadəsi üçün material verən hər bir əmtəə növü daxil edilməklə həmişə uzadıla bilər. İkincisi, bu silsilə ayrı-ayrı və müxtəlif növlü dəyər ifadələrinin rəngarəng mənzərəsini təşkil edir. Nəhayət, bu geniş formada hər bir əmtəənin nisbi dəyəri ifadə olunursa, – əslində belə də olmalıdır, – onda hər bir əmtəənin nisbi dəyər forması dəyər ifadələrinin sonsuz sırasıdır və bu sıra hər hansı başqa bir əmtəənin nisbi dəyər formasının ifadəsindən fərqlidir. Geniş nisbi dəyər formasının nöqsanları özü də ona müvafiq olan ekvivalent formada inikas edir. Hər bir ayrıca əmtəə növünün natural, forması burada saysız-hesabsız başqa xüsusi ekvivalent formalarla yanaşı xüsusi bir ekvivalent forma olduğu üçün ümumiyyətlə ancaq məhdud ekvivalent formalar mövcuddur və bunlardan hər biri qalanlarının hamısını qeyri-mümkün edir. Eynilə də hər bir xüsusi əmtəə ekvivalentində olan müəyyən, konkret, faydalı əmək növü insan əməyinin yalnız xüsusi təzahür formasıdır, deməli, mükəmməl təzahür forması deyildir. Doğrudur, insan əməyi bu xüsusi təzahür formalarının məcmusunda ən dolğun və ya mükəmməl təzahür formasını alır. Bununla belə, o burada vahid təzahür formasına malik deyildir.
Əslində geniş nisbi dəyər forması ancaq birinci formadakı sadə nisbi dəyər ifadələrinin və ya tənliklərinin məcmusundan ibarətdir. məsələn:

20 arşın kətan = 1 sürtuka,
20 arşın kətan = 10 f. çaya və i. a.
Lakin bu tənliklərin hər birində onunla eyniyyət təşkil edən əks tənlik də vardır:

1 sürtuk = 20 arşın kətana,
10 f. çay = 20 arşın kətana və i. a.
Doğrudan da: əgər birisi öz kətanını bir çox başqa əmtəələrə mübadilə edirsə və, deməli, onun dəyərini bir sıra başqa əmtəələrdə ifadə edirsə, onda yəqin, bir çox başqa əmtəə sahibləri də hökmən öz əmtəələrini kətana mübadilə etməlidirlər, deməli, öz müxtəlif əmtəələrinin dəyərini eyni bir üçüncü əmtəədə, kətanda ifadə etməlidirlər. Beləl1iklə: 20 arşın kətan = 1 sürtuka, yaxud = 10 f. çaya, yaxud = və i. a. – sırasını tərsinə çevirək, yəni əslində bu sırada artıq mövcud olan əks nisbəti ifadə edək, onda belə alınar:
C. ÜMUMİ DƏYƏR FORMASI

1) Dəyər formasının dəyişilmiş xarakteri
İndi əmtəələr öz dəyərlərini belə ifadə edir: 1) sadə şəkildə, çünki bunlar öz dəyərlərini təkcə bir əmtəədə ifadə edir, və 2) vahid şəkildə, çünki bunlar öz dəyərlərini eyni bir əmtəədə ifadə edir. Onların dəyər forması sadədir və onların hamısına aiddir, deməli hamısı üçün ümumidir.
I və II formalar ancaq buna nail olurdu ki, müəyyən əmtəənin dəyəri onun öz istehlak dəyərindən və ya onun əmtəə cismindən fərqli bir şey kimi ifadə olunurdu.
Birinci forma bu cür dəyər tənlikləri verirdi: 1 sürtuk = 20 arşın kətana, 10 f. çay = 1/2 ton dəmirə və i. a. Sürtukun dəyəri kətana bərabər bir şey kimi, çayın dəyəri dəmirə bərabər bir şey kimi ifadə olunur və i. a. Lakin kətanla dəmir bir-birindən nə qədər fərqlidirsə, onlara bərabər olan bu bir şey də, sürtukun və çayın dəyəri ifadələri də bir-birindən o qədər fərqlidir. Aydındır ki, həyatda bu formaya ancaq mübadilənin ilk mərhələsində təsadüf edilir, zira bu mərhələdə əmək məhsulları ancaq tək-tək və təsadüfi mübadilə hallarında əmtəələrə çevrilir.
İkinci forma əmtəənin dəyərini onun öz istehlak dəyərindən birinci formaya nisbətən daha dolğun surətdə fərqləndirir, çünki dəyər, məsələn, sürtukun dəyəri burada onun natural formasına mümkün olan bütün şəkillərdə – kətana bərabər, çaya bərabər və i. a., ancaq sürtukun özündən başqa istənilən hər şeyə bərabər bir şey kimi qarşı durur. Digər tərəfdən, burada əmtəələrin hər hansı bir ümumi dəyər ifadəsinə əsla imkan qalmır, çünki hər bir ayrıca əmtəənin dəyər ifadəsində bütün başqa əmtəələr ancaq ekvivalent formada meydana çıxır. Geniş dəyər formasına ilk dəfə əslində o zaman təsadüf edilir ki, müəyyən bir əmək məhsulu, məsələn, mal-qara daha bir istisna kimi deyil, adətən bir çox başqa əmtəələrə mübadilə edilsin.
Yeni əldə etdiyimiz III forma əmtəə aləminin dəyərlərini bu aləmdən ayrılan eyni bir əmtəə növündə, məsələn kətanda ifadə edir və, beləliklə, bütün əmtəələrin dəyərlərini bunların kətana bərabərliyi vasitəsi ilə təmsil edir. Kətana bərabər bir şey olaraq hər bir əmtəə dəyəri indi nəinki öz istehlak dəyərindən, habelə hər cür istehlak dəyərindən də fərqlənir, bununla da o özü həmin əmtəə ilə bütün başqa əmtəələr arasındakı ümumi cəhəti ifadə edir. Deməli, dəyər olmaq etibarı ilə əmtəələr arasında yalnız bu forma həqiqətən münasibətlər yaradır və ya bunları bir-birinə nisbətdə mübadilə dəyəri kimi meydana çıxmağa məcbur edir.
Əvvəlki formaların hər ikisi hər bir əmtəənin dəyərini ya onunla yekcins olmayan bircə əmtəədə, ya da ondan fərqli olan bir sıra əmtəələrdə ifadə edir. Hər iki halda dəyər forması əldə etmək ayrıca bir əmtəənin, necə deyərlər, öz xüsusi işidir və o bunu qalan əmtəələrin yardımı olmadan edir. Qalan əmtəələr ona münasibətdə ancaq passiv bir ekvivalent rolu oynayır. Ümumi dəyər forması isə, əksinə, ancaq bütün əmtəə aləminin ümumi bir işi kimi meydana çıxır. Bir əmtəə ancaq ona görə ümumi dəyər ifadəsi alır ki, onunla bir zamanda bütün başqa əmtəələr öz dəyərini eyni bir ekvivalentdə ifadə edir və yeni meydana çıxan hər bir əmtəə də bunu təqlid etməlidir. Bununla bərabər məlum olur ki, əmtəələrin dəyər predmetliyi bu şeylərin sadəcə «ictimai varlığından» ibarət olduğuna görə, ancaq onların hərtərəfli ictimai münasibəti vasitəsi ilə ifadə oluna bilər, buna görə də onların dəyər forması ictimai əhəmiyyətə malik bir forma olmalıdır.
Özlərinin kətana bərabərliyi formasında bütün əmtəələr indi nəinki keyfiyyətcə bərabər, yəni ümumiyyətlə dəyər olur, habelə miqdarca da müqayisə edilə bilən dəyər kəmiyyəti olur. Onlar öz dəyərlərinin kəmiyyətlərini eyni bir materialda – kətanda əks etdirdiklərinə görə, bu dəyər kəmiyyətləri qarşılıqlı surətdə biri digərində əks olunur. Məsələn, 10 f. çay = 20 arşın kətana, habelə 40 f. qəhvə = 20 arşın kətana. Deməli, 10 f. çay = 40 f. qəhvəyə. Yaxud: bir funt qəhvədə 1 funt çaydakı qədər dəyər substansiyasının, əməyin ancaq dörddə biri vardır.
Əmtəə aləminin ümumi nisbi dəyər forması bu aləmdən kənar edilmiş ekvivalent əmtəəyə, kətana, ümumi ekvivalent xarakteri verir. Kətanın öz natural forması bütün əmtəə aləmi üçün ümumi olan dəyər surəti olur, kətan bütün başqa əmtəələrə bilavasitə mübadilə olunmaq qabiliyyəti əldə edir. Onun cismani forması hər cür insan əməyinin görünən təcəssümü, ümumi ictimai qılafı rolunu oynayır. Toxuculuq, kətanı istehsal edən xüsusi əmək, eyni zamanda ümumi və ictimai formada, bütün başqa əmək növləri ilə bərabərlik formasında olur. Ümumi dəyər formasını təşkil edən saysız-hesabsız tənliklər kətanda təcəssüm olunan əməyi hər bir başqa əmtəədə olan bütün əmək növlərinə növbə ilə bərabərləşdirir, bununla da toxuculuğu ümumiyyətlə insan əməyinin ümumi təzahür forması edir. Beləliklə, əmtəə dəyərində maddiləşmiş əmək gerçək əmək növlərinin bütün konkret formaları və faydalı xassələrinin təcrid edildiyi əmək olaraq nəinki mənfi ifadə alır, habelə onun öz müsbət təbiəti də aydın surətdə meydana çıxır. Bu əməyin müsbət təbiəti ondan ibarətdir ki, bütün gerçək əmək növləri onlar üçün ümumi olan insan əməyi xarakterinə, insan iş qüvvəsi məsrəfinə müncər edilmişdir.
Əmək məhsullarını sadəcə, fərqlərdən məhrum insan əməyi birkintiləri şəklində təmsil edən ümumi dəyər forması lap öz quruluşu ilə göstərir ki, o, əmtəə aləminin ictimai ifadəsidir. Beləliklə, bu forma aşkara çıxarıb göstərir ki, həmin aləm daxilində əməyin ümumi bəşəri xarakteri onun spesifik ictimai xarakterini təşkil edir.
2) Nisbi dəyər forması ilə ekvivalent formanın inkişafı arasındakı münasibət
Nisbi dəyər formasının inkişaf dərəcəsinə ekvivalent formanın inkişaf dərəcəsi uyğun gəlir. Lakin, – bunu qeyd etmək isə əhəmiyyətlidir – ekvivalent formanın inkişafı ancaq nisbi dəyər formasının inkişafının ifadəsi və nəticəsidir.
Əmtəənin sadə və ya tək nisbi dəyər forması başqa əmtəəni tək ekvivalent edir. Geniş nisbi dəyər forması, – əmtəə dəyərinin bütün başqa əmtəələrdəki bu ifadəsi – həmin əmtəələrə müxtəlif əlahiddə ekvivalentlər forması verir. Nəhayət, bir əlahiddə əmtəə növü ümumi ekvivalent forması alır, çünki bütün başqa əmtəələr özlərinin vahid ümumi dəyər forması üçün onu material edir.
Ümumiyyətlə dəyər forması nə dərəcədə inkişaf edirsə, onun iki qütbü – nisbi dəyər forması ilə ekvivalent forma arasındakı əkslik də eyni dərəcədə inkişaf edir.
Artıq birinci forma – 20 arşın kətan = 1 sürtuka forması bu əksliyə malikdir, lakin onu təsbit etmir. Bu tənliyi necə, soldan sağa və ya sağdan sola oxuyacağımızdan asılı olaraq, iki əmtəə qütbünün hər biri, həm kətan, həm də sürtuk növbə ilə gah nisbi dəyər formasında, gah da ekvivalent formada olacaqdır. Burada qütbi əksliyi müəyyən etmək hələ çox çətindir.
II formada müəyyən bir əmtəə növü hər dəfə öz nisbi dəyərini tamamilə genişləndirə bilir, yaxud o özü geniş nisbi dəyər formasına malik olur, bu da ancaq ona görə və o dərəcədə olur ki, bütün başqa əmtəələr ona ekvivalent formada qarşı durur. Burada dəyər tənliyinin, məsələn 20 arşın kətan = 1 sürtuka, yaxud = 10 f. çaya, yaxud = 1 kvarter buğdaya və i. a. tənliyinin hər iki hissəsinin yerini daha elə dəyişdirmək olmaz ki, onun ümumi xarakteri dəyişdirilməsin, o, dolğun dəyər formasından ümumi dəyər formasına çevrilməsin.
Nəhayət. sonuncu forma. III forma əmtəə aləminə ümumi ictimai nisbi dəyər forması verir, bu da ona görə və o dərəcədə olur ki, burada əmtəə aləminə mənsub olan bütün növlər – bircəsindən savayı – ümumi ekvivalent formadan kənar edilmişdir. Bir əmtəə, kətan, ona bütün başqa əmtəələrə bilavasitə mübadilə olunmaq qabiliyyəti verən formadadır, və ya bilavasitə ictimai formadadır, bu da ona görə və o dərəcədə olur ki, bütün başqa əmtəələr bu formada deyildir[28 - Bütün başqa əmtəələrə bilavasitə mübadilə oluna bilmək forması ilk baxışda belə bir cəhəti aşkara çıxarmır ki, maqnitin müsbət qütbü onun mənfi qütbü ilə qırılmaz surətdə bağlı olduğu kimi, ümumi bilavasitə mübadilə oluna bilmək forması da bilavasitə mübadilə olunmamaq forması ilə qırılmaz surətdə bağlı olan ziddiyyətli əmtəə formasıdır. Buna görə də bütün katolikləri papa etmək mümkün olduğunu fərz etməyə yol verilə bilərsə, eyni zamanda bütün əmtəələr üzərinə bilavasitə mübadilə oluna bilmək damğası vurula biləməyini də fərz etməyə yol verilə bilər. Əmtəə istehsalında insan azadlığının və şəxsi müstəqilliyinin nes plüş ultra-sını [zirvəsini] görən xırda burjua, əlbəttə, son dərəcə arzu edərdi ki. bu forma ilə bağlı olan nöqsanları, xüsusilə də əmtəələrin bilavasitə mübadilə oluna bilməmək kimi nöqsanını aradan qaldırsın. Prudonun sosializmi də məhz bu filister xülyasına bəzək-düzək verməkdən ibarətdir və başqa bir yerdə göstərdiyim kimi, bu sosializm hətta orijinal bir şey də deyildir, Qrey, Brey və başqalarının hələ xeyli əvvəl və xeyli yaxşı dediklərini ancaq təkrar edir. Buna baxmayaraq indi belə bir əllaməlik müəyyən dairələrdə „elm” adı ilə yayılır. İndiyədək heç bir məktəb „elm” sözündən Prudon məktəbi qədər bərk yapışmamışdır.]
Ümumi ekvivalent vəzifəsi daşıyan əmtəə isə, əksinə, əmtəə aləminin vahid və, deməli, ümumi nisbi dəyər formasından məhrumdur. Ümumi ekvivalent formasında olan kətan və ya ümumiyyətlə hər hansı bir əmtəə eyni zamanda ümumi nisbi dəyər formasında da iştirak etsəydi, o özü gərək özü üçün ekvivalent olaydı. Onda biz: 20 arşın kətan = 20 arşın kətana tənliyini almış olardıq ki, bu da nə dəyəri, nə də dəyər kəmiyyətini ifadə etməyən tavtologiyadır. Ümumi ekvivalentin nisbi dəyərini ifadə etmək üçün biz, əksinə, III formanı tərsinə çevirməliyik. Ümumi ekvivalent bütün qalan əmtəələr üçün ümumi olan nisbi dəyər formasına malik deyildir, onun dəyəri isə bütün başqa əmtəə cisimlərinin sonsuz sırasında nisbi surətdə ifadə olunur. Beləliklə, geniş nisbi dəyər forması, yaxud II forma, ekvivalent əmtəənin spesifik nisbi dəyər forması olur.
3) Ümumi dəyər formasından pul formasına keçilməsi
Ümumi ekvivalent forma ümumiyyətlə dəyər formasıdır. Deməli, bu forma hər bir əmtəəyə məxsus ola bilər. Digər tərəfdən, hər hansı bir əmtəə ancaq o zaman və o dərəcədə ümumi ekvivalent formasında (I–III formada) olur ki, ekvivalent olmaq etibarı ilə onu bütün başqa əmtəələr öz aralarından kənar edir. Belə kənar olunmaq bir spesifik əmtəə növünün qəti nəsibi olduğu zamandan, yalnız bu zamandan etibarən əmtəə aləminin vahid nisbi dəyər forması obyektiv sabitlik və ümumi ictimai əhəmiyyət kəsb edir.
Natural forma ilə ekvivalent formanın ictimai cəhətdən qovuşduğu spesifik əmtəə növü dönüb pul əmtəə olur, yaxud pul vəzifəsi daşıyır. Əmtəə aləmində ümumi ekvivalent rolu oynamaq onun spesifik ictimai vəzifəsi olur, deməli, onun ictimai inhisarı olur. II formada kətanın xüsusi ekvivalentləri olan, III formada isə öz nisbi dəyərlərini kətanda ifadə edən əmtəələr arasında bu üstün yeri tarixən müəyyən bir əmtəə, məhz qızıl əldə etmişdir. Buna görə də III formada kətan əmtəənin yerinə qızıl əmtəəni qoyaq. Onda belə alınar:
D. PUL FORMASI


I formadan II formaya və II formadan III formaya keçildikdə mühüm dəyişikliklər olur. Əksinə, IV forma III formadan ancaq bununla fərqlənir ki, indi kətan əvəzində qızıl ümumi ekvivalent formaya malikdir. III formada kətan nə kimi rol oynayırdısa, IV formada qızıl eyni rolu – ümumi ekvivalent rolunu oynayır. Tərəqqi ancaq ondan ibarətdir ki, bütün başqa əmtəələrə bilavasitə mübadilə olunmaq forması, yaxud ümumi ekvivalent forma indi ictimai adət gücünə qızıl əmtəənin spesifik natural forması ilə qəti surətdə qovuşmuşdur.
Qızıl ancaq ona görə başqa əmtəələrin qarşısına pul kimi çıxır ki, o əvvəlcə onların qarşısına əmtəə kimi çıxmışdı. Bütün başqa əmtəələr kimi, qızıl həm ekvivalent – tək mübadilə hallarında tək ekvivalent olmuş, həm də başqa ekvivalent əmtəələrlə yanaşı xüsusi ekvivalent vəzifəsi daşımışdır. Tədricən qızıl az-çox geniş dairədə ümumi ekvivalent vəzifəsi daşımağa başlamışdır. Əmtəə aləminin dəyərləri ifadəsində qızıl bu mövqeyi öz inhisarı altına aldıqda dərhal dönüb pul əmtəə olur və ancaq belə bir əmtəə olduğu zamandan etibarən IV forma III formadan fərqlənməyə başlayır, başqa sözlə desək, ümumi dəyər forması pul formasına çevrilir.
Bir əmtəənin, məsələn kətanın dəyərinin artıq, pul əmtəə vəzifəsi daşıyan əmtəədə, məsələn qızılda sadə nisbi ifadəsi qiymət formasıdır. Deməli, kətanın «qiymət forması» belədir:

20 arşın kətan = 2 unsiya qızıla,
yaxud, 2 funt sterlinq iki unsiya qızılın sikkə adıdırsa, onda

20 arşın kətan = 2 funt sterlinqə.
Pul forması anlayışının çətinliyi ancaq ümumi ekvivalent formanı, deməli, ümumiyyətlə ümumi dəyər formasını, III formanı anlamaqdakı çətinlikdən ibarətdir. III forma retrospektiv surətdə II formaya, geniş dəyər formasına çevrilir, geniş dəyər formasının əsasını təşkil edən ilkin ünsür isə I formadır: 20 arşın kətan = 1 sürtuka, yaxud x miqdar A əmtəə = y miqdar B əmtəəyə. Buna görə də sadə əmtəə forması pul formasının rüşeymidir.

4. ƏMTƏƏ FETİŞİZMİ VƏ ONUN SİRRİ
İlk nəzərdə əmtəə çox sadə, ən adi bir şey kimi görünür. Onun təhlili göstərir ki, əmtəə qəribəliklərlə, metafizik incəliklər və teoloji hiylələr ilə dolu bir şeydir. Biz əmtəəni istər belə bir nöqteyi-nəzərdən tədqiq edək ki, o öz xassələri ilə insan tələbatını ödəyir, istərsə belə bir nöqteyi-nəzərdən tədqiq edək ki, o həmin xassələri insan əməyinin məhsulu kimi əldə edir, – istehlak dəyəri olmaq etibarı ilə əmtəədə müəmmalı heç bir şey yoxdur. Özlüyündə aydındır ki, insan öz fəaliyyəti ilə təbiət maddələrinin formalarını özünə faydalı istiqamətdə dəyişdirir. Məsələn, ağacdan stol düzəldərkən onun formaları dəyişilir. Bununla belə, stol yenə də ağaclığında qalır, – hisslə qavranılan adi bir şey olaraq qalır. Lakin bu stol əmtəə olan kimi hissi-fövqəlhissi bir şeyə çevrilir. O nəinki dörd ayağı üstündə yerdə durur, habelə bütün digər əmtəələr qarşısında başı üstə də durur və onun bu taxta kəlləsi elə qəribəliklər doğurur ki, stol öz təşəbbüsü ilə ortalığa atılıb oynamağa başlasaydı, bu qədər təəccüblü olmazdı[29 - Xatırladaq ki, Çin və stollar – pour encourager 1es autres [başqalarını ruhlandırmaq üçün] məhz elə bir zamanda oynamağa başlamışdılar ki, bu zaman bütün qalan aləm, deyəsən tam sükunət halında görünürdü.].
Beləliklə, əmtəənin mistik xarakteri onun istehlak dəyərindən doğmur. Onun bu xarakteri dəyərə verilən təriflərin məzmunundan da doğmur. Əvvələn, ona görə ki, faydalı əməyin, yaxud məhsuldar fəaliyyətin ayrı-ayrı növləri nə qədər müxtəlif olsa da, fizioloji cəhətdən bunlar insan orqanizminin funksiyalarıdır və bu funksiyalardan hər biri, onun məzmunu və forması necə olursa-olsun, əslində insan beyninin, əsəblərinin, əzələlərinin, hiss üzvlərinin və i.a. məsrəfidir. İkincisi, dəyər kəmiyyətinin müəyyən edilməsinin əsasını təşkil edən şey, məhz belə məsrəflərin müddəti, yaxud əməyin miqdarı əməyin keyfiyyətindən tamamilə aydın surətdə fərqlənir. Hər bir cəmiyyətdə yaşayış vasitələri istehsalına sərf edilən iş vaxtı, müxtəlif inkişaf pillələrində eyni dərəcədə olmasa da, hər halda insanları maraqlandırmalı idi[30 - İkinci nəşrə qeyd. Qədim germanlar arasında bir morgen torpağın kəmiyyəti birgünlük əməklə ölçülürdü; buradan da morgenin adları irəli gəlir: Tagwerk (və ya Tagwanne) (yurnale və ya jurnalis, terra jurnalis və ya diurnalis), Mannwerk, Mannskraft, Mannsmaad, Mannshauet və i.a.]. Nəhayət, bir halda ki, insanlar hər necə olsa da bir-biri üçün işləyirlər, bununla da onların əməyi ictimai forma alır.
Beləliklə, bəs əmək məhsulu əmtəə forması aldıqda onun dərhal müəmmalı xarakteri haradan doğur? Yəqin ki, bu formanın özündən. İnsan əməyinin müxtəlif növlərinin bərabərliyi əmək məhsullarının eyni dəyər predmetliyi kimi bir şey forması alır; insan iş qüvvəsi məsrəflərinin bu qüvvənin sərf edildiyi müddətlə ölçülməsi əmək məhsullarının dəyər kəmiyyəti formasını alır; nəhayət, istehsalçılar arasında olan və onların əməyinin ictimai xassələrini aşkara çıxaran münasibətlər əmək məhsullarının ictimai münasibəti formasını alır.
Deməli, əmtəə formasının əsrarəngizliyi sadəcə bundan ibarətdir: o elə bir güzgüdür ki, insanların öz əməyinin ictimai xarakterini onlara əmək məhsullarının öz şey xarakteri kimi, həmin şeylərin fitrətən malik olduğu ictimai xassələr kimi əks etdirir; buna görə məcmu əməyə istehsalçıların ictimai münasibəti də onlara şeylərin istehsalçılardan xaricdə olan ictimai münasibəti kimi görüşür. Belə bir quid pro quo [birinin yerinə başqasının meydana çıxması] nəticəsində əmək məhsulları əmtəə olur, hissi-fövqəlhissi şey, yaxud ictimai şey olur. Məsələn, bir şeyin işıq vasitəsi ilə göz əsəbinə təsiri göz əsəbinin özünün subyektiv qıcıqlanması kimi deyil, gözdən xaricdə olan şeyin obyektiv forması kimi qavranılır. Lakin gözlə qavradığımız zaman doğrudan da bir şey, xarici cisim işığı başqa bir şeyə, gözə salır. Bu, fiziki şeylər arasında olan fiziki münasibətdir. Halbuki əmtəə forması və əmək məhsulları dəyərlərinin bu formanı ifadə edən nisbəti şeylərin fiziki təbiətinə və onların bu təbiətindən doğan münasibətlərinə əsla bənzəməz. Bu ancaq insanların özlərinin müəyyən ictimai münasibətidir və onların nəzərində şeylər arasında münasibət kimi fantastik bir forma alır. Buna bir təşbih tapmaq üçün biz din aləminin dumanlı sahələrinə əl atmalı olardıq. Burada insan beyninin məhsulları öz həyatı olan, insanlarla və bir-biri ilə müəyyən münasibətlərə girən müstəqil vücudlar kimi təsəvvür olunur. İnsan əlinin məhsulları da əmtəə aləmində belə olur. Bunu mən fetişizm adlandırıram in, bu da əmtəə olaraq istehsal edilən əmək məhsullarına xasdır və, deməli, əmtəə istehsalından ayrılmazdır.
Yuxarıdakı təhlilin göstərdiyi kimi, əmtəə aləminin bu fetişlik xarakteri əmtəə istehsal edən əməyin spesifik ictimai xarakterindən irəli gəlir.
İstehlak şeyləri ümumiyyətlə ancaq ona görə əmtəə olur ki, bunlar bir-birindən asılı olmayan xüsusi işlərin məhsullarıdır. Bu xüsusi işlərin kompleksi cəmiyyətin məcmu əməyini təşkil edir. İstehsalçılar ancaq öz əməyinin məhsullarını mübadilə etmək yolu ilə ictimai təmasa girdiklərinə görə, onların xüsusi işlərinin spesifik ictimai xarakteri də ancaq bu mübadilə çərçivəsində təzahür edir. Başqa sözlə desək, xüsusi işlər əslində məcmu ictimai əməyin tərkib hissələri kimi icra olunur, həm də ancaq, əmək məhsulları arasında, onların vasitəsi ilə də istehsalçıların öz arasında mübadilənin yaratdığı münasibətlər sayəsində icra olunur. Buna görə də istehsalçıların öz xüsusi işləri arasındakı ictimai münasibətlər əslində nədirsə məhz o cür görünür, yəni insanların əməyində onların bilavasitə ictimai münasibətləri kimi deyil, əksinə, insanlar arasında olan şey münasibətləri və şeylər arasında olan ictimai münasibətlər kimi görünür.
Əmək məhsulları yalnız mübadilə çərçivəsində olarkən müxtəlifliyi hisslərlə qavranılan istehlak predmetliklərindən kənarda ictimai cəhətcə bərabər dəyər predmetliyi əldə edir. Əmək məhsulu praktikada ancaq o halda faydalı şeylə dəyərə malik şeyə belə ayrılır ki, mübadilə artıq kifayət qədər yayılmış olsun və faydalı şeylərin xüsusi olaraq mübadilə üçün istehsal edildiyi dərəcədə əhəmiyyət qazanmış olsun, buna görə də şeylərin dəyər xarakteri onlar hələ istehsal edilərkən nəzərə alınsın. Bu zamandan etibarən istehsalçıların xüsusi işləri həqiqətən ikili ictimai xarakter alır. Bir tərəfdən, bunlar faydalı əməyin müəyyən növləri olmaq etibarı ilə müəyyən ictimai tələbatı ödəməli və, beləliklə, məcmu əməyin tərkib hissələri olmaq, təbii surətdə inkişaf etmiş ictimai əmək bölgüsü sisteminin tərkib hissələri olmaq vəzifəsini doğrultmalıdır. Digər tərəfdən, bunlar ancaq öz istehsalçılarının müxtəlif tələbatını ödəyir, çünki faydalı xüsusi əməyin hər bir ayrıca növü faydalı xüsusi əməyin hər hansı başqa növünə mübadilə edilə bilər və, deməli, bir-birinə təndir. Bir-birindən toto coelo [hər cəhətdən] fərqli olan əmək növlərinin bərabərliyi ancaq, onların həqiqi bərabərsizliyindən sərf-nəzər etməkdən, onları insan iş qüvvəsi məsrəfləri, abstrakt insan əməyi olmaq etibarı ilə hamısının malik olduğu ümumi xarakterə müncər etməkdən ibarət ola bilər. Lakin xüsusi istehsalçıların beyni onların xüsusi işlərinin bu ikili ictimai xarakterini ancaq, əməli məişətdə, məhsullar mübadiləsində meydana çıxdığı formalarda əks etdirir: deməli, onların xüsusi işlərinin ictimai faydalı xarakterini belə bir formada əks etdirir ki, əmək məhsulu faydalı olmalıdır, lakin istehsalçının özü üçün deyil, başqa adamlar üçün faydalı olmalıdır; müxtəlif əmək növləri arasındakı bərabərliyin ictimai xarakterini belə bir formada əks etdirir ki, maddi cəhətdən müxtəlif olan bu şeylər, əmək məhsulları dəyərdir.
Deməli, (insanların öz əmək məhsullarını bir-biri ilə bir dəyər kimi müqayisə etmələrinin səbəbi heç də bu deyildir ki, onlar üçün həmin şeylər ancaq yekcins insan əməyinin şey pərdəsidir. Əksinə. İnsanlar mübadilə zamanı özlərinin müxtəlif məhsullarını dəyər kimi bir-birinə bərabər tutarkən özlərinin müxtəlif əmək növlərini bir-birinə insan əməyi kimi bərabər tuturlar. Onlar bunu düşünmürlər, lakin belə edirlər[31 - 2-ci nəşrə qeyd. Buna görə də Qaliani deyəndə ki, dəyər iki şəxs arasında münasibətdir – „La Ricchezza e una regione tra due persone“, – bunu da əlavə etməli idi: şey pərdəsi altındakı münasibətdir (Galiani, “Della moneta” səh. 221).]. Beləliklə, dəyərin alnında onun nə olduğu yazılmamışdır. Bundan əlavə: dəyər hər bir əmək məhsulunu ictimai heroqlifə çevirir. Sonralar adamlar bu heroqlifin mənasını başa düşməyə, öz ictimai məhsulunun sirrini açmağa çalışırlar, çünki, məsələn, dil insanların ictimai məhsulu olduğu kimi, istehlak şeylərinə dəyər tərifi vermək də insanların eyni dərəcədə ictimai məhsuludur. Sonralar elm kəşf etdi ki, əmək məhsulları dəyər olduğuna görə, bunlar öz istehsalına sərf olunmuş insan əməyinin ancaq şey şəklində ifadəsidir; bu kəşf bəşəriyyətin inkişaf tarixində bir dövr təşkil edir, lakin əməyin ictimai xarakterinin şey şəklində görünməsini əsla aradan qaldırmır. Ancaq müəyyən bir xüsusi istehsal forması haqqında, əmtəə istehsalı haqqında demək olar ki, bir-birindən asılı olmayan xüsusi işlərin spesifik ictimai xarakteri bunların ümumiyyətlə insan əməyi olmaq etibarı ilə bir-birinə bərabər olmasından ibarətdir və o, əmək məhsullarının dəyər xarakteri daşıması kimi bir forma alır. Halbuki əmtəə istehsalı münasibətlərinin əhatə etdiyi insanlara əmtəə istehsalının bu spesifik xüsusiyyətləri – istər həmin kəşfdən əvvəl, istərsə ondan sonra – ümumi əhəmiyyətə malik bir şey kimi görünür, bu da ona bənzər ki, elmin havanı əsas ünsürlərinə parçaladığına baxmayaraq, havanın xassələri – onun fiziki cismani forması – mövcud olmaqda davam edir.
Öz məhsullarını mübadilə edən şəxsləri əməli olaraq hər şeydən əvvəl belə bir sual maraqlandırır: öz məhsulunun müqabilində nə qədər özgə məhsulu almaq olar, yəni məhsullar bir-biri ilə hansı proporsiyalarda mübadilə olunur? Bu proporsiyalar müəyyən sabitliyə çatdıqda və adi bir hal aldıqda, adama elə gəlir ki, guya bunlar əmək məhsullarının öz təbiəti ilə bağlıdır. Məsələn, bir ton dəmirlə iki unsiya qızılın dəyərinin bərabərliyi dəmirlə qızılın fiziki və kimyəvi xassələrinin fərqinə baxmayaraq, bir funt qızıl ilə bir funt dəmirin çəkisinin bərabər olması faktı kimi qavranılır. Həqiqətdə isə əmək məhsullarının dəyər olmaq xarakteri ancaq, bunların müəyyən kəmiyyətli dəyər kimi təzahür etməsi yolu ilə bərqərar olur. Dəyər kəmiyyətləri, öz məhsullarını mübadilə edən şəxslərin arzusundan, uzaqgörənliyindən və fəaliyyətindən asılı olmayaraq, arası kəsilmədən dəyişilir. Bu şəxslərin nəzərində onların öz ictimai hərəkəti şeylərin hərəkəti formasını alır və onlar bu hərəkətə nəzarət etmək əvəzinə özləri bunun nəzarəti altında olurlar. Ancaq tamamilə inkişaf etmiş əmtəə istehsalı şəraitində təcrübənin özündən belə bir elmi anlayış meydana gələ bilər ki, bir-birindən asılı olmadan icra edilən, lakin təbii surətdə yetişmiş ictimai əmək bölgüsünün halqaları olaraq bir-biri ilə hərtərəfli bağlı olan ayrı-ayrı xüsusi işlər daim öz ictimai mütənasib ölçüsünə müncər edilir. Bu elmi anlayışın meydana gəlməsi üçün ona görə tamamilə inkişaf etmiş əmtəə istehsalı lazımdır ki, məhsulların istehsalı üçün lazım olan ictimai zəruri iş vaxtı xüsusi işlərin məhsulları arasında olan təsadüfi və daim dəyişilən mübadilə nisbətləri vasitəsi ilə tənzimedici təbii qanun olaraq yalnız zorakılıqla özünə yol açır, həm də birisinin başına ev uçarkən cazibə qanunu necə fəaliyyət göstərirsə, həmin qanun da bu cür fəaliyyət göstərir[32 - „Ancaq vaxtaşırı inqilablar vasitəsi ilə özünə yol aça bilən bir qanun haqqında biz nə düşünməliyik? Bu məhz təbii qanundur və bu qanun ona əsaslanır ki, burada iştirak edənlər şüursuz hərəkət edirlər" (Fridrix Engels. „Siyasi iqtisadın tənqidinə dair qeydlər”, Arnold Ruge və Karl Marks tərəfinlən nəşr edilən “Deutsch-französische Jahrbücher” jurnalında. Paris, 1844 bax; K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 1-ci cild, səh. 561]).]. Buna görə də dəyər kəmiyyətinin iş vaxtı ilə müəyyən edilməsi nisbi əmtəə dəyərlərinin gözlə görünən hərəkəti altında gizlənən bir sirrdir. Bu sirrin açılması əmək məhsullarının dəyər kəmiyyətinin guya tamamilə təsadüfi olaraq müəyyən edilməsi kimi bir illüziyanı aradan qaldırır, lakin dəyər kəmiyyətinin müəyyən edilməsinin şey formasını əsla aradan qaldırmır.
İnsan həyatının formaları haqqındakı düşüncə və, deməli bu formaların elmi təhlili ümumiyyətlə həmin formaların həqiqi inkişafına əks bir yol seçir. Bu düşüncə post festum [sonradan] başlanır, yəni inkişaf prosesinin hazır nəticələrini əsas götürür. İnsanlar əmək məhsulları üzərinə əmtəə damğası vuran və buna görə də əmtəə tədavülü üçün zəmin olan formaların tarixi xarakteri barəsində deyil – bu formalar onların nəzərində, əksinə, artıq qəti bir xarakter almış olur, – ancaq məzmunu barəsində düşünməyə ilk dəfə təşəbbüs etməzdən əvvəl həmin formalar artıq ictimai həyatın təbii formaları kimi bir sabitlik almış olur. Beləliklə, yalnız əmtəə qiymətlərinin təhlili dəyər kəmiyyətini müəyyən etməyə gətirib çıxarmış və əmtəələrin ancaq ümumi pul ifadəsi bunların dəyər olmaq xarakterini göstərməyə imkan vermişdir. Lakin əmtəə aləminin məhz bu mükəmməl forması – onun pul forması – xüsusi işçilərin ictimai münasibətlərini tam saflığı ilə aşkara çıxarmaq əvəzində xüsusi işlərin ictimai xarakterini və, deməli, xüsusi işçilərin ictimai münasibətlərini şeylər arxasında gizlədir. Mən deyəndə ki, sürtukun, çəkmənin və sairənin kətana münasibəti abstrakt insan əməyinin ümumi təcəssümünə olan münasibət kimidir – bu ifadənin mənasızlığı dərhal nəzərə çarpır. Lakin sürtuk, çəkmə və s. istehsalçıları bu əmtəələri ümumi ekvivalent olmaq etibarı ilə kətanla və ya – heç bir fərqi yoxdur – qızıl və gümüşlə müqayisə etdikdə, onların xüsusi işlərinin məcmu ictimai əməyə münasibəti onlara məhz bu mənasız formada görünür.
Burjua iqtisadının kateqoriyaları da məhz bu cür formalardan ibarətdir. Bunlar tarixən müəyyən olan məlum ictimai istehsal üsulu – əmtəə istehsalı şəraitindəki istehsal münasibətləri üçün ictimai əhəmiyyətə malik və, deməli, obyektiv təfəkkür formalarıdır. Buna görə də biz başqa istehsal formalarına keçdikdə, əmtəə aləminin bütün mistikliyi, əmtəə istehsalının hökm sürdüyü şəraitdə əmək məhsullarını duman kimi bürüyən bütün möcüzə və xülyalar, – bunların hamısı dərhal aradan qalxır.
Siyasi iqtisad robinzonadaları sevdiyinə görə[33 - 2-ci nəşrə qeyd. Hətta Rikardo da öz robinzonadasına əl atmadan keçinə bilməmişdi. “O, ibtidai balıqçı ilə ibtidai ovçunu məcbur edir ki, əmtəə sahibləri olmaq etibarı ilə onlar balıqla quşu bu mübadilə dəyərlərində maddiləşmiş iş vaxtına mütənasib surətdə dərhal mübadilə etsinlər. Həm də o, belə bir anaxronizmə qapılır ki, ibtidai balıqçı ilə ibtidai ovçu öz əmək alətlərini hesaba alarkən 1817-ci ildə birjasında işlənən illik faiz ödənişləri cədvəllərindən istifadə edir. “Cənab Ouenin naraleloqramları“, deyəsən, burjua cəmiyyəti formasından başqa ona məlum olan yeganə cəmiyyət forması idi“ (Karl Marks. „Siyasi iqtisadın tənqidinə dair“, Berlin, 1859, səh. 38, 39. [bax: K, Marks və F. Engels, Əsərləri. İknnci nəşri, 13-cü cild, səh. 46–47]).], hər şeydən əvvəl, Robinzonu öz adasında təsəvvür edək. O öz adətləri cəhətdən nə qədər təvazökar olsa da, hər halda müxtəlif tələbatı ödəməli və buna görə də cürbəcür faydalı işlər görməlidir: alətlər düzəltməli, mebel hazırlamalı, vəhşi dəvəni əhliləşdirməli, balıq tutmalı, ovla məşğul olmalıdır və i. a. Biz ibadət və s. haqqında hələ danışmırıq, çünki bizim Robinzon bundan zövq alır və bu qəbil işləri istirahət hesab edir. Öz məhsuldar vəzifələrinin müxtəlifliyinə baxmayaraq o bilir ki, bunların hamısı ancaq eyni bir Robinzonun fəaliyyətinin müxtəlif formalarıdır, deməli, insan əməyinin ancaq müxtəlif növləridir. Zərurət üzündən o, öz iş vaxtını müxtəlif vəzifələr arasında dürüst bölüşdürməlidir. Onun məcmu fəaliyyətində bu və ya başqa bir vəzifənin çox və ya az yer tutacağı müəyyən faydalı nəticəni əldə etmək üçün onun çox və ya azmı çətinliyi aradan qaldırmalı olacağından asılıdır. Təcrübə ona bunu öyrədir və batan gəmidən saat, mühasibat dəftəri, mürəkkəb və qələmi xilas etmiş bizim Robinzon, əsil bir ingilis kimi, dərhal öz haqq-hesabını aparmağa başlayır. Onun avadanlıq siyahısına əlində olan istehlak şeyləri, bunları istehsal etmək üçün lazım gələn müxtəlif əməliyyat daxildir, nəhayət, orada bu müxtəlif məhsulların müəyyən miqdarını hazırlamaq üçün orta hesabla sərf ediləcək iş vaxtı göstərilmişdir. Robinzonla onun özünün hazırladığı sərvəti təşkil edən şeylər arasındakı bütün münasibətlər o qədər sadə və şəffafdır ki, bunu hətta c-b Maks Virt beynini o qədər də yormadan dərk edə bilərdi. Bununla belə, həmin münasibətlərdə dəyərin artıq bütün mühüm tərifləri vardır.
Lakin Robinzonun işıqlı adasını tərk edib Avropanın orta əsrlərdəki qaranlıq dövrünə keçək. Bizim bu müstəqil adamın əvəzinə burada hamısı asılı olan adamlar: təhkimlilər və feodallar, vassallar və süzerenlər, camaat və keşişlər olduğunu görürük. Burada istər maddi istehsaldakı ictimai münasibətlər, istərsə həmin istehsala əsaslanan həyat sahələri şəxsi asılılıqla bağlıdır. Lakin bu cəmiyyətin əsasını məhz şəxsi asılılıq münasibətləri təşkil etdiyinə görə, əmək və məhsullar öz real varlığından fərqli bir fantastik forma almalı olmur. Bunlar ictimai dövrana natural xidmətlər və natural mükəlləfiyyətlər kimi daxil olur. Burada əməyin bilavasitə ictimai formasını heç də əmtəə istehsalı əsasında qurulan cəmiyyətdəki kimi əməyin ümumiliyi deyil, onun natural forması, onun xüsusiyyəti təşkil edir. Əmtəə istehsal edən əmək kimi, biyar əməyi də vaxtla ölçülür, lakin hər bir təhkimli bilir ki, öz ağası üçün işləyərkən öz şəxsi iş qüvvəsinin müəyyən qədərini sərf edir. Onun keşişə verməli olduğu əşər keşişdən aldığı xeyir-duadan müqayisə edilməz qədər aydın bir şeydir. Beləliklə, orta əsrlərdə insanlar bir-biri ilə qarşılaşdıqda onların üzündəki xarakterik maskalar hər necə qiymətləndirilsə də, insanların öz əməyində onların ictimai münasibətləri hər halda burada şeylərin, əmək məhsullarının ictimai münasibətləri cildinə girməyib məhz insanların öz şəxsi münasibətləri kimi meydana çıxır.
Ümumi əməyi, yəni bilavasitə ictimailəşmiş əməyi tədqiq etmək üçün bu əməyin bütün mədəni xalqların tarixi başlanarkən təsadüf etdiyimiz ibtidai formasına qayıtmağımıza ehtiyac yoxdur. Öz istehlakı üçün taxıl, mal-qara, iplik, kətan, geyim şeyləri və i. a. istehsal edən kəndli ailəsinin patriarxal kənd istehsalı bizə daha yaxın bir misal verir. Bu müxtəlif şeylər həmin ailəyə öz ailə əməyinin müxtəlif məhsulları kimi qarşı durur, lakin bu şeylər bir-birinə əmtəə kimi qarşı durmur. Bu məhsulları yaradan müxtəlif işlər: tarlanın becərilməsi, mal-qaraya baxılması, əyiricilik, toxuculuq, dərzilik və i. a. öz natural formasında olan ictimai funksiyalardır, çünki bunlar, əmtəə istehsalında olduğu kimi, təbii surətdə meydana gəlmiş öz əmək bölgüsü olan ailənin daşıdığı funksiyalardır. Cins və yaş fərqləri, habelə ilin fəsillərinə görə təbii əmək şəraitinin dəyişilməsi ailə üzvləri arasında əmək bölgüsünü və ayrılıqda hər bir ailə üzvünün iş vaxtını tənzim edir. Lakin fərdi iş qüvvələrinin vaxtla ölçülən məsrəfi burada artıq lap əvvəldən həmin işlərin özünün ictimai tərifi kimi meydana çıxır, çünki burada fərdi iş qüvvələri lap əvvəldən ailənin məcmu iş qüvvəsinin ancaq orqanları kimi fəaliyyət göstərir.
Nəhayət, müxtəliflik xatirinə, ümumi istehsal vasitələri ilə işləyən və planauyğun surətdə [zelbstbewusst] öz fərdi iş qüvvələrini bir ictimai iş qüvvəsi kimi sərf edən sərbəst insanlar ittifaqını təsəvvürə gətirək. Robinzon əməyinin bütün tərifləri burada təkrar olunur, lakin fərdi miqyasda deyil, ictimai miqyasda təkrar olunur. Robinzon əməyinin bütün məhsulları ancaq onun şəxsi məhsulu idi və, deməli, onun özü üçün bilavasitə istehlak şeyləri idi. Sərbəst insanlar ittifaqının bütün əmək məhsulu ictimai məhsuldur. Bu məhsulun bir hissəsi yenidən istehsal vasitələri xidməti görür. Həmin hissə ictimai məhsul olaraq qalır. Lakin digər hissə ittifaq üzvləri tərəfindən yaşayış vasitələri kimi istehlak olunur. Buna görə də həmin hissə onların arasında bolüşdürülməlidir. Bu bölüşdürmənin üsulu ictimai istehsal orqanizminin öz xarakterinə və istehalçıların tarixi inkişaf pilləsinə uyğun olaraq dəyişiləcəkdir. Yalnız əmtəə istehsalı ilə müqayisə üçün fərz edək ki, yaşayış vasitələrində hər bir istehsalçının payı onun iş vaxtı ilə müəyyən edilir. Bu şəraitdə iş vaxtı iki cür rol oynayardı. Onun ictimai-planauyğun surətdə bölüşdürülməsi müxtəlif əmək funksiyaları ilə müxtəlif tələbat arasında lazımi nisbət yaradır. Digər tərəfdən, iş vaxtı eyni zamanda məcmu əməkdə və, deməli, bütün məhsulun fərdi surətdə istehlak edilən hissəsində istehsalçıların fərdi iştirakı üçün bir ölçüdür. Burada insanların öz əməyinə və öz əmək məhsullarına olan ictimai münasibətləri həm istehsalda, həm də bölgüdə son dərəcə aydındır.
Əmtəə istehsalçıları cəmiyyətinin ümumi ictimai istehsal münasibəti ondan ibarətdir ki, burada istehsalçılar öz əmək məhsullarına əmtəə kimi, deməli, dəyər kimi yanaşırlar və bu şey formasında onların xüsusi işləri bir-birinə bərabər insan əməyi nisbətində olur; belə bir cəmiyyət üçün ən münasib din forması abstrakt insanı təqdis edən xristianlıqdır, xüsusən onun protestantlıq, deizm və i. a. kimi burjua növləridir. Qədim Asiya, antik və i. a. istehsal üsulları şəraitində məhsulun əmtəəyə çevrilməsi və, deməli, insanların əmtəə istehsalçısı kimi varlığı tabe rol oynayır, lakin icma yaşayış tərzinin dağılması daha çox dərinləşdikcə, bu rol daha əhəmiyyətli olur. Əsil tacir xalqlar Epikur allahları kimi ancaq qədim dünyanın aləmlərarası fəzalarında və ya polyak cəmiyyətinin məsamələrindəki yəhudilər kimi yaşayırlar. Bu qədim ictimai istehsal orqanizmləri burjua ictimai istehsal orqanizminə nisbətən müqayisə edilməyəcək dərəcədə sadə və aydındır, lakin bunlar ya başqa adamlarla hələ təbii-qəbilə əlaqələri göbəyindən ayrılmamış olan fərdi insanın yetkin olmamasına, ya da bilavasitə ağalıq və tabelik münasibətlərinə əsaslanır. Bunları yaşadan şərt əməyin məhsuldar qüvvələrinin aşağı inkişaf pilləsində olmasından və müvafiq surətdə insanlar arasındakı münasibətlərin həyatın maddi istehsal prosesi çərçivəsi ilə məhdud olmasından, deməli, onların bir-birinə və təbiətə olan bütün münasibətlərinin məhdudluğundan ibarətdir. Bu gerçək məhdudluq təbiəti ilahiləşdirən qədim dinlərdə və xalq etiqadlarında ideal surətdə əks olunur. Gerçək aləmin dini inikası ümumiyyətlə ancaq o zaman aradan qalxa bilər ki, insanların gündəlik əməli həyat münasibətləri onların bir-biri ilə və təbiətlə aydın və ağla uyğun əlaqələrində ifadə olunsun. İctimai həyat prosesinin, yəni maddi istehsal prosesinin quruluşu öz üzərindəki mistik dumanlı pərdəni ancaq o zaman atacaqdır ki, bu quruluş insanların sərbəst ictimai ittifaqının məhsulu olsun və onların şüurlu planauyğun nəzarəti altında olsun. Lakin bundan ötrü cəmiyyətin müəyyən maddi əsası və ya bir sıra müəyyən maddi həyat şəraiti lazımdır ki, bu da uzun sürən və əzablı bir inkişaf prosesinin təbii surətdə yetişən məhsuludur.
– Doğrudur siyasi iqtisad dəyəri və dəyər kəmiyyətini – kifayət qədər olmasa da – təhlil etmiş[34 - Dəyər kəmiyyətinin Rikardo tərəfindən edilən təhlilinin qənaətbəxş olmaması – bu isə dəyər kəmiyyətinin ən yaxşı təhlilidir – bu əsərin üçüncü və dördüncü kitablarında göstəriləcəkdir. Ümumiyyətlə dəyərə gəldikdə, klassik siyasi iqtisad dəyərdə ifadə olunan şəkildəki əməklə məhsulun istehlak dəyərində ifadə olunan eyni əmək arasında heç bir yerdə tam aydın və şüurlu surətdə açıqca fərq qoymur. Faktik surətdə klassik siyasi iqtisad, əlbəttə, belə bir fərq qoyur, çünki birinci halda əməyi miqdar cəhətindən, ikinci halda isə keyfiyyət cəhətindən nəzərdən kecirir. Lakin onun heç ağlına da gəlmir ki, əmək növlərinin xalis miqdarca fərqi onların keyfiyyət vəhdəti və ya bərabərliyini, deməli, onların abstrakt insan əməyinə müncər olmasını nəzərdə tutur. Məsələn, Rikardo deyir ki, o, Destüt de Trasinin bu sözlərinə şərikdir: “Fiziki və mənəvi qabiliyyətlərimizin yeganə ilkin sərvət olması tamamilə aşkar olduğuna görə, bu qabiliyyətlərin tətbiq olunması, yəni əmək bizim ilkin xəzinəmizdir. Sərvət adlandırdığımız bütün şeyləri ancaq bu qabiliyyətlərin tətbiq edilməsi yaradır… Bu da aydındır ki, bütün bu şeyləri ancaq bu qabiliyyətlərin tətbiq edilməsi yaradır… Bu da aydındır ki, bütün bu şeylər ancaq onları yaradan əməyi təmsil edir və əgər bunların dəyəri, yaxud hətta iki müxtəlif dəyəri vardırsa, bu dəyər ancaq həmin şeyləri doğuran əməyin dəyərindən törəyir“ (Ricardo. „The Principles of Political Esonomy“. Biz ancaq bunu qeyd edəcəyik ki, Rikardo Destütə bu məsələ haqqında özünün daha dərin olan anlayışını isnad verir. Doğrudur, Destüt, bir tərəfdən, deyir ki, sərvətimizi təşkil edən bütün şeylər, “onları yaradan əməyi təmsil edir“, lakin, digər tərəfdən, o iddia edir ki, bunların “iki müxtəlif dəyəri” (istehlak dəyəri və mübadilə dəyəri) „əməyin dəyərindən“ törəyir. Beləliklə, o, bir əmtəənin (burada əməyin) dəyəri olduğunu fərz edib, sonra bunun vasitəsi ilə başqa əmtəələrin dəyərini müəyyən edən vulqar siyasi iqtisadın bu bayağı fikirlərini təkrar edir. Rikardo isə Destütü belə oxuyur: istehlak dəyərində də, mübadilə dəyərində də əmək (əməyin dəyəri yox) təmsil olunur. Lakin Rikardo özü ikili şəkildə təmsil olunan əməyin ikili xarakterkni o qədər pis ayırd edir ki, „Dəyər və sərvət, bunların fərqləndirici xassələri” adlı bütöv bir fəsil boyunca J. B. Sey kimi bir çənabın bayağı fikirləri ilə əlləşməyə məcbur olur. Ən axırda Rikardo heyrətlə görür ki, Destüt onunla birlikdə əməyi dəyərin mənbəyi hesab etsə də, dəyər anlayışına verdiyi tərifdə eyni zamanda Sey ilə də şərik olur.] və bu formalarda gizlənən məzmunu aşkar çıxarmışdır! Lakin siyasi iqtisad bircə dəfə də belə bir sual verməmişdir ki, nəyə görə bu (məzmun belə bir forma alır, başqa sözlə desək – nəyə görə əmək dəyərdə ifadə olunur, əməyin ölçüsü olmaq etibarı ilə onun sərf olunduğu müddət isə əmək məhsulunun dəyər kəmiyyətində[35 - Klassik siyasi iqtisadın əsas nöqsanlarından biri bundan ibarətdir ki, heç bir zaman əmtəənin və xüsusən əmtəə dəyərinin təhlildən dəyəri məhz mübadilə dəyəri edən dəyər formasını hasil edə bilməmişdir. Məhz özünün A. Smit və Rikardo kimi ən yaxşı nümaytəndələrinin şəxsində klassik siyasi iqtisad dəyər formasını əmtəənin təbiətinə əsla dəxli olmayan və hətta ondan kənarda olan bir şey hesab edir. Səbəbi də təkcə o deyil ki, klassik siyasi iqtisadın bütün diqqətini dəyər kəmiyyətinin təhlili cəlb edir. Bunun səbəbi daha dərindir. Əmək məhsulunun dəyər forması burjua istehsal üsulunun ən abstrakt və eyni zamanda ən ümumi formasıdır: məhz bu forma onun ictimai istehsalın xüsusi bir növü olduğunu, bununla bərabər tarixi bir istehsal üsulu olduğunu göstərir. Burjua istehsal üsuluna ictimai istehsalın əbədi bir təbii forması kimi baxdıqda isə, dəyər formasının spesifik xüsusiyyətləri də, deməli, əmtəə formasının, sonrakı inkişafda isə pul formasının, kapital formasının və i. a. spesifik xüsusiyyətləri də hökmən nəzərdən qaçmış olacaqdır. Buna görə də, dəyər kəmiyyətinin iş vaxtı ilə ölçüldüyünü qəbul edən iqtisadçılarda pul haqqında, yəni mükəmməl şəkil almış ümumi ekvivalent haqqında olduqca müxtəlif və ziddiyyətli təsəvvürlərə rast gəlirik. Bu hal, məsələn, bank işinin tədqiqində xüsusilə aydın meydana çıxır, burada isə pul haqqında arada gəzən adi təriflərlə iş aşmaz. Bunun əksinə olaraq, yeni şəkildə bərpa olunmuş merkantilizm sistemi (Qanil və başqaları) meydana gəlmişdir ki, bu da dəyəri ancaq ictimai forma hesab edir, yaxud, daha doğrusu, dəyəri bu formanın hər bir substasiyadan məhrum bir inikası hesab edir. – Həmişəlik qeyd etməliyəm ki, mən klassik siyasi iqtisad dedikdə, U. Pettidən başlayan və burjua istehsal münasibətlərinin daxili asılılıqlarını tədqiq edən bütün siyasi iqtisadı nəzərdə tuturam. Klassik siyasi iqtisadın əksinə olaraq, vulqar siyasi iqtisad ancaq nəzərə gələn, zahiri asılılıqlar sahəsində eşələnir, elmi siyasi iqtisadın artıq çoxdan işləyib hazırladığı materialı daim yenidən çeynəyib tökür, bununla da iqtisadi həyatın ən qaba hadisələrinin burjuaziya üçün münasib şərhini vermək və bu hadisələri burjuaların ev güzəranına uyğunlaşdırmaq məqsədi güdür. Qalan sahələrdə isə bununla kifayətlenir ki, Burjua istehsal xadimlərinin öz aləmlərini ən yaxşı aləm hesab edən çeynənmiş və lovğa təsəvvürlərini pedantcasına sistemləşdirir və bu təsəvvürləri əbədi həqiqət elan edir.]? İnsanın istehsal prosesi üzərində deyil, istehsal prosesinin insanlar üzərində hakim olduğu bir ictimai formasiyaya mənsub olmaq damğası daşıyan formullar siyasi iqtisadın burjua düşüncəsinə özlüyündə aydın olan bir şey kimi, məhsuldar əmək qədər təbii və zəruri bir şey kimi görünür. Buna görə də kilsə xadimləri xristianlıqdan əvvəlki dinlərə necə xor baxırlarsa, siyasi iqtisad da burjua ictimai istehsal orqanizmindən əvvəlki ictimai istehsal orqanizmi formalarına təqribən eləcə xor baxır[36 - İqtisadçılar öz mühakimələrində çox qəribə bir üsul işlədirlər. Onların fikkrincə, ancaq iki cür təsisat vardır: biri süni təsisat, digəri də təbii təsisatdır. Feodalizm təsisatı süni təsisatdır, burjua təsisatı isə təbii təsisatdır. Bu halda iqtisadçılar teoloqlara bənzəyirlər, çünki teoloqlar da iki cür din olduğunu iddia edirlər. Hər bir yad din insanların uydurmasıdır, onların öz dini isə allahın vəhyidir… Beləliklə, indiyə qədər tarix var imiş indi isə daha yoxdur” (Karl Marks: “Fəlsəfə yoxsulluğu. C-b Prudonun “Yoxsulluq fəlsəfəsinə cavab”, 1847, səh. 113 [bax K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 4-cü cild, səh. 142]). Qədim yunanların və romalıların ancaq qarətlə yaşadıqlarını güman edən c-b Bastia həqiqətən gülüncdür. Axı insanlar əsrlər boyu qarətlə yaşayırlarsa, yəqin ki, həmişə qarət edilməsi mümkün olan bir şey olmalı, başqa sözlə desək, qarət edilən şeylər arası kəsilmədən təkrar istehsal olunmalıdır. Buna görə də güman etmək lazımdır ki, yunanlarla romalıların da müəyyən bir istehsal prosesi, müəyyən iqtisadiyyatı olmuş və burjua iqtisadiyyatı müasir dünyanın bazisi olduğu dərəcədə həmin iqtisadiyyat da onların dünyasının maddi bazisi olmuşdur. Yaxud bəlkə də Bastia demək istəyir ki, qul əməyinə əsaslanan istehsal üsulu bununla da qarət sisteminə əsaslanır? Bu Halda o, təhlükəli bir yol tutmuş olur. Lakin Aristotel kimi nəhəng bir mütəfəkkir qul əməyinə qiymət verərkən səhv edirdisə, nəyə görə biz Bastia kimi cırtdan bir iqtisadçıdan muzdlu əməyə düzgün qiymət verəcəyini gözləməliyik?–Bu fürsətdən istifadə edərək mən bir alman – amerikan qəzetində Siyasi iqtisadın tənqidinə dair“ (1859) əsərim haqqında çıxan etiraza qısaca cavab vermək istəyirəm. Mənim fikrimcə, müəyyən istehsal üsulu və buna uyğun olan istehsal münasibətləri, bir sözlə desək – „cəmiyyətin iqtisadi quruluşu real bazis təşkil edir, bunun üzərində hüquqi və siyasi üstqurum yüksəlir və müəyyən ictimai şüur formaları buna müvafiq olur“, „maddi həyat istehsalı üsulu ümumiyyətlə ictimai, siyasi və mənəvi həyat prosesləri üçün şərt olur“ (bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 6,7] – mənim bu baxışım qəzetin fikrincə, maddi mənafeyin hökm sürdüyü müasir dünya haqqında doğrudur, lakin nə katolisizmin hökm sürdüyü orta əsrlərə, nə də siyasətin hökm sürdüyu qədim Afinaya və ya Romaya tətbiq oluna bilməz. Hər şeydən əvvəl qəribə burasıdır: hələ də elə bir adam tapılıb güman edə bilir ki, orta əsrlər və antik dünya haqqında arada gəzən bu ibarələr kimə isə məlum deyilmiş. Hər halda aydındır ki, orta əsrlər katolisizmlə, antik dünya isə siyasətlə yaşaya bilməzdi. Əksinə, həmin dövrlərdə yaşayış vasitələri əldə etmək üçün işlədilən üsul izah edir ki, nəyə görə bir halda siyasət, digər halda katolisizm başlıca rol oynamışdır. Bundan əlavə məsələn, Roma respublikasının tarixinə dair xüsusilə dərin bilik sahibi olmadan da bilmək olar ki, onun tarixinin sirri torpaq mülkiyyətinin tarixindədir. Digər tərəfdən, hələ Don-Kixot sərgərdan cəngavərliyə cəmiyyətin bütün iqtisadi formalarında eyni dərəcədə yol verilə biləcəyini güman etməklə buraxdığı səhvin ağır bəlasını çəkməli olmuşdu.].
Mübadilə dəyərinin yaradılması prosesində təbiətin rolu haqqında bəzi iqtisadçıların darıxdırıcı və mənasız mübahisəsi də göstərir ki, əmtəə aləminə xas olan fetişizm, yaxud əməyin ictimai təriflərinin şey şəklində görünməsi bu iqtisadçıları nə dərəcədə çaşdırır. Mübadilə dəyəri şeyin istehsalına sərf olunmuş əməyi ifadə etmək üçün ancaq müəyyən bir ictimai üsul olduğuna görə, özlüyündə aydındır ki, təbiətin verdiyi maddə, məsələn, veksellərin məzənnəsində nə qədərdirsə, mübadilə dəyərində də bundan artıq deyildir.
Əmtəə forması burjua istehsalının ən ümumi və ən az inkişaf etmiş forması olub, bunun da nəticəsində, keçmiş dövrlərdə indiki qədər hakim və, deməli, xarakterik bir forma olmasa da, çox erkən meydana çıxdığına görə, adama elə gəlir ki, onun fetişlik xarakterini hələ nisbətən asanlıqla görmək olar. Lakin daha konkret formalarda onun hətta bu zahiri sadəliyi də aradan qalxır. Monetar sistemindəki illüziyalar haradan meydana gəlir? Ondan meydana gəlir ki, bu sistem pul olmaq etibarı ilə qızıl və gümüşün ictimai istehsal münasibətini təmsil etdiyini, lakin qəribə ictimai xassələri olan təbiət şeyləri formasında təmsil etdiyini görməmişdir. Monetar sisteminə bu qədər təkəbbürlə yanaşan müasir siyasi iqtisadı götürün: məgər o, kapitalı tədqiq etməyə, başlayan kimi onun fetişizmi dərhal tamamilə hiss edilmirmi? Torpaq rentasının cəmiyyətdən deyil, torpaqdan meydana gəlməsi haqqında fiziokratların illüziyası çoxdanmı aradan qalxmışdır?
Lakin irəliyə qaçmamaq üçün biz burada əmtəə formasının özünə aid olan daha bir misalla kifayətlənəcəyik. Əmtəələrin dili olsaydı, onlar deyərdi: bizim istehlak dəyərimiz bəlkə də insanları maraqlandırır. Biz şey olduğumuza görə, bunun bizə dəxli yoxdur. Lakin bizim maddi təbiətimizə dəxli olan ancaq dəyərdir. Bizim özümüzün bir şey-əmtəə kimi tədavül etməyimiz buna ən yaxşı sübutdur. Biz bir-birimizə ancaq mübadilə dəyərləri kimi münasibətdə oluruq. İndi dinləyib görək əmtəənin qəlbi iqtisadçının dili ilə nələr söyləyir:

«Dəyər» (mübadilə dəyəri) «şeylərin xassəsidir, sərvət» (istehlak dəyəri) «insanın xassəsidir. Bu mənada dəyər hökmən mübadilənin olmasını tələb edir, sərvət isə–yox»). «Sərvət» (istehlak dəyəri) «insanın atributudur, dəyər – əmtəənin atributudur. İnsan və ya cəmiyyət sərvətli olur; inci və ya almaz qiymətli olur… İnci və ya almaz bir inci və ya almaz olaraq dəyərə malik olur»).
İndiyədək hələ heç bir kimyaçı incidə və almazda mübadilə dəyəri kəşf etməmişdir. Lakin dərindən tənqidi düşündüklərini iddia edən və bu «kimyəvi» maddəni ixtira edən iqtisadçılar hesab edirlər ki, dəyər şeylərin özünə məxsusdur, onların istehlak dəyəri isə onların maddi xassələrindən asılı deyildir. Həmin iqtisadçıların bu əqidəsini belə qəribə bir cəhət möhkəmləndirir ki, şeylərin istehlak dəyəri insanlar üçün mübadiləsiz, yəni şeylə insan arasındakı bilavasitə münasibətdə reallaşır, halbuki dəyər ancaq mübadilədə, yəni müəyyən ictimai prosesdə reallaşa bilər. Burada sadədil Doqberini necə də xatırlamayasan ki, o, gecə gözətçisi Sikola[37 - “Observations”un müəllifi və S. Beyli Rikardsonu bunda ittiham edirlər ki, o, mübadilə dəyərinnn nisbi xarakterini görməmiş və onu mütləq bir şeyə çevirmişdir. Əslində isə əksinədir: bu şeylərin, məsələn almaz və incinin bir mübadilə dəyəri kimi malik olduqları zahiri nisbiliyi o həmin şeylərin zahiri görünüşü arxasında gizlənən həqiqi münasibətə, insan əməyinin bəsit ifadələri olmaq etibarı ilə onların nisbiliyinə müncər etmişdir. Rikardoçular Beyliyə inandırıcı şəkildə deyil, kobud bir şəkildə cavab vermişlərsə, bu ancaq ona görədir ki, onlar dəyərlə dəyər forması, yaxud mübadilə dəyəri arasında daxili əlaqə haqqında Rikardsonun özündə bir şey tapa bilməmişdilər.] belə şeylər öyrədir: «gözəllik şəraitin verdiyi nemətdir, oxuyub yazmaq məharətini isə təbiət verir».

İKİNCİ FƏSİL
MÜBADİLƏ PROSESİ
Əmtəələr özləri bazara gedib bir-biri ilə mübadilə oluna bilməz. Deməli, biz onları saxlayanlara, əmtəə sahiblərinə müraciət etməliyik. Əmtəələr şeydir və buna görə də insan qarşısında acizdir. Əmtəələr öz xoşu ilə getmirsə, insan onlara zor işlədə bilər, yəni onları götürüb apara bilər[38 - Öz möminliyi ilə şöhrət tapmış XII əsrdə əmtəələr arasında çox qəribə şeylərə təsadüf edilirdi. Məsələn, o zamankı fransız şairlərindən biri Landi yarmarkasında olan əmtəələr arasında çit, çəkmə, gön, kənd təsərrüfatı alətləri, dəri və sairə ilə yanaşı olaraq “femmes folles de leur corps [fahişə qadınlar] da olduğunu göstərir.]. Müəyyən şeylər arasındakı münasibətlərin əmtəə münasibətləri ola bilməsi üçün əmtəə sahibləri arasındakı münasibətlər gərək elə şəxslərin münasibətlərindən ibarət olsun ki, onların bu şeylərə iradəsi çatsın: beləliklə, bir əmtəə sahibi yalnız digərinin iradəsi üzrə, deməli, onlardan hər biri yalnız onların hər ikisi üçün ümumi olan iradə tədbiri vasitəsi ilə öz əmtəəsini özgəsinə verib özgə əmtəəsinə yiyələnə bilər. Deməli, onlar bir-birini xüsusi mülkiyyətçi kimi tanımalıdırlar. Bu yuridik münasibət, – bunun da forması müqavilədir, həm də bu müqavilənin qanunla təsbit edilib-edilməməsinin fərqi yoxdur, – iradə münasibətidir, bunda da iqtisadi münasibət əks olunur. Bu yuridik münasibətin və ya iradə münasibətinin məzmununu iqtisadi münasibət özü verir[39 - Prudon öz əbədi ədalət, yustise eternelle idealını əvvəlcə əmtəə istehsalına uyğun yuridik münasibətlərdən alır, yeri gəlmişkən deyək ki, bununla da bütün filisterlərə belə təsəlli gətirən bir sübut verir ki, əmtəə istehsalı forması da ədalət qədər əbədidir. Sonra o, əksinə, həmin ədalət idealına uyğun surətdə həqiqi əmtəə istehsalını və buna müvafiq olan əsil hüququ dəyişdirməyə çalışır. Bir kimyaçı maddələr mübadiləsinin həqiqi qanunlarını tədqiq etmək və bunların əsasında müəyyən məsələləri həll etmək əvəzinə, maddələr mübadiləsini „naturalite“ və „affinite“ [„zat“ və „qohumluq”] kimi, „əbədi ideyalara” uyğun surətdə dəyişdirmək istəsəydi, biz onun haqqında nə deyərdik? Bizə deyəndə ki, sələmçilik „yustise eternelle“ [„əbədi ədalətə”], „eduite eternelle“ [«əbədi həqiqətə“ ziddir, – məgər biz vaxtı ilə sələmçiliyin „grace eternelle“,„foi eternelle“,„volonte eternellede Dieu “ [„əbədi şəfqətə“, „əbədi imana“, „allah-təalanın əbədi iradəsinə“] zidd olduğunu deyən kilsə xadimlərinin keçmişdə sələmçilik haqqında bildiklərindən azacıq da olsa artıq bir şeymi bilmiş oluruq?]. Burada şəxslər bir-biri üçün ancaq əmtəələrin nümayəndələri kimi, yəni əmtəə sahibləri kimi mövcuddurlar. Tədqiqat gedişində biz ümumiyyətlə görəcəyik ki, şəxslərin xarakterik iqtisadi maskaları ancaq iqtisadi münasibətlərin təcəssümüdür və bu şəxslər həmin münasibətlərin təmsilçiləri kimi bir birinə qarşı dururlar.
Əmtəə sahibini öz əmtəəsindən fərqləndirən məhz odur ki, əmtəə üçün hər bir başqa əmtəə cismi ancaq onun öz dəyərinin təzahür formasıdır. Anadangəlmə bərabərləşdirici və həyasız olan əmtəə nəinki öz canını, hətta öz cismini də hər bir başqa əmtəə ilə, hətta simaca Maritornesdən də eybəcər bir əmtəə ilə mübadilə etməyə həmişə hazırdır. Əmtəənin başqa əmtəə cisimlərindəki konkret xassələri qavramaq qabiliyyəti olmamasını əmtəə sahibi öz beş və daha artıq hissi ilə tamamlayır. Onun əmtəəsi onun özü üçün bilavasitə istehlak dəyərinə malik deyildir. Yoxsa o həmin əmtəəni bazara çıxarmazdı. Bu əmtəə başqaları üçün istehlak dəyərinə malikdir. Öz sahibi üçün əmtəənin bütün bilavasitə istehlak dəyəri ancaq ondan ibarətdir ki, bu əmtəə mübadilə dəyəri daşıyıcısıdır və, deməli, mübadilə vasitəsidir[40 - „Çünki hər bir nemət iki cür istehlak olunur. Birincisi özlüyündə şeyə məxsusdur, ikincisi isə – yox; məsələn, səndəl ayağa da geyilə bilər, mübadilə də oluna bilər. Bunların hər ikisi səndəlin istehlak dəyəridir, çünki hətta səndəli ehtiyac hiss etdiyi bir şeyə, məsələn, yeyinti şeyinə mübadilə edən bir şəxs də səndəldən bir səndəl kimi istifadə edir. Lakin bu, səndəlin istehlak olunmasının təbii üsulu deyildir. Çünki səndəl mübadilə üçün mövcud deyildir“ (Aristoteles. "De Republica", I kitab, 9-cu fəsil).]. Buna görə də əmtəə sahibi öz əmtəəsini mübadilə yolu ilə elə başqa əmtəələrə dəyişmək istəyir ki, onların istehlak dəyərinə ehtiyacı olsun. Bütün əmtəələr öz sahibləri üçün istehlak dəyəri deyildir və öz sahibi olmayanlar üçün istehlak dəyəridir. Deməli, bunlar daim əldən-ələ keçməlidir. Lakin əmtəələrin belə əldən-ələ keçməsi bunların mübadiləsidir, mübadilədə isə onların bir-birinə münasibəti dəyərlərin münasibəti kimidir və onlar bir dəyər olaraq reallaşır. Deməli, əmtəələr istehlak dəyəri kimi reallaşmaq imkanı almazdan əvvəl dəyər kimi reallaşmalıdır.
Digər tərəfdən, əmtəələr dəyər kimi reallaşa bilməzdən əvvəl onlar özlərinin istehlak dəyəri olduğunu sübut etməlidir, çünki onlara sərf olunan əmək ancaq başqaları üçün faydalı formada sərf edildikdə nəzərə alınır. Lakin bu əməyin başqaları üçün həqiqətən faydalı olub-olmadığını, bu əməyin verdiyi məhsulun hər hansı bir özgə tələbatını ödəyib-ödəmədiyini ancaq mübadilə sübut edə bilər.
Hər bir əmtəə sahibi öz əmtəəsini ancaq elə əmtəələrə mübadilə etmək istəyir ki, bunların istehlak dəyəri onun tələbatını ödəsin. Bu cəhətdən mübadilə onun üçün xalis fərdi bir prosesdir. Digər tərəfdən, o öz əmtəəsini dəyər kimi reallaşdırmaq, yəni öz əmtəəsini eyni dəyərə malik başqa əmtəə ilə dəyişdirmək istəyir, həm də onun üçün fərqi yoxdur ki, öz əmtəəsi başqa əmtəələrin sahibləri üçün istehlak dəyərinə malikdir, ya yox. Bu cəhətdən mübadilə onun üçün ümumi bir ictimai prosesdir. Lakin eyni bir proses eyni zamanda bütün əmtəə sahibləri üçün yalnız fərdi və yalnız ümumi bir ictimai proses ola bilməz.
Məsələyə bir qədər diqqətlə baxdıqda görərik ki, hər bir əmtəə sahibi üçün hər bir özgə əmtəəsi onun əmtəəsinin xüsusi ekvivalenti rolunu oynayır, buna görə də onun öz əmtəəsi bütün başqa əmtəələrin ümumi ekvivalenti rolunu oynayır. Lakin bu cəhətdən bütün əmtəə sahibləri eyni vəziyyətdə olduqlarından, heç bir əmtəə ümumi ekvivalent deyildir, buna görə əmtəələr bir-biri ilə dəyər kimi eyniləşdiriləcəyi və bir-biri ilə dəyər kəmiyyətləri kimi müqayisə ediləcəyi ümumi nisbi dəyər formasına da malik deyildirlər. Beləliklə, əmtəələr bir-birinin qarşısına ümumiyyətlə əmtəə kimi deyil, ancaq məhsul kimi, yaxud istehlak dəyəri kimi çıxırlar.
Bizim əmtəə sahibləri bu çətin vəziyyətdə Faust kimi düşünürlər: «Əvvəl iş idi». Həm də onlar hələ düşünməyə başlamazdan qabaq iş görürdülər. Əmtəə təbiətinin qanunları əmtəə sahiblərinin təbii instinktində təzahür edir. Onlar öz əmtəələrini bir-birinə dəyər kimi, deməli, əmtəə kimi ancaq o halda bərabərləşdirə bilərlər ki, bunları müəyyən bir başqa əmtəə ilə müqayisə etsinlər, bunları həmin əmtəəyə ümumi ekvivalent kimi qarşı qoysunlar. Bunu əmtəənin təhlili göstərdi. Lakin ancaq ictimai hərəkət müəyyən əmtəəni ümumi ekvivalentə çevirə bilər. Buna görə də bütün başqa əmtəələrin ictimai hərəkəti müəyyən bir əmtəəni ayırır, bütün əmtəələr isə öz dəyərini onda ifadə edir. Bununla da həmin əmtəənin natural forması ictimai cəhətdən tanınan ekvivalent forma olur. Ümumi ekvivalent funksiyası göstərilən ictimai proses sayəsində həmin ayrılmış əmtəənin spesifik ictimai funksiyası olur. Bu əmtəə dönüb pul olur.
«Onların fikri birdir və öz qüvvət və hakimiyyətini yırtıcıya verəcəklər». «Bu nişana, yaxud vəhşi heyvan adına, ya da onun adının sayına malik olan şəxsdən başqa heç kəs nə ala biləcək, nə də sata biləcəkdir» (Apokalipsis).
Pul kristalı mübadilə prosesinin zəruri məhsuludur, burada müxtəlif əmək məhsulları felən bir-birinə bərabər tutulur və bununla da felən əmtəəyə çevrilir. Mübadilənin genişlənib dərinləşdiyi tarixi proses əmtəənin təbiətində istehlak dəyəri ilə dəyər arasında qalıb mürgüləyən əksliyi inkişaf etdirir. Dövriyyə üçün bu əksliyin xarici ifadəsini vermək tələbatı əmtəə dəyərinin müstəqil formasının meydana çıxmasına doğru aparır və bu tələbat o vaxta qədər davam edir ki, əmtəənin iki yerə bölünüb əmtəə və pul əmələ gətirməsi yolu ilə məsələ tamamilə həll edilmiş olsun. Deməli, əmək məhsulları əmtəəyə çevrildikcə, əmtəə də pula çevrilir[41 - İndi biz xırda burjua sosializminin hiylələrinə layiqincə qiymət verə bilərik, axı o, əmtəə təsərrüfatını əbədiləştirmək və eyni zamanda „pul ilə əmtəə arasındakı əksliyi“, yəni pulun özünü aradan qaldırmaq istəyir, çünki pul bu əksliyin ancaq tərkib hissəsi kimi mövcuddur. Eyni müvəffəqiyyətlə katolisizmi saxlayıb papanı da aradan götürməyə çalışmaq olardı. Bu barədə ətraflı məlumat üçün mənim bu əsərimə bax: "Siyasi iqtisadın tənqidinə dair", səh. 61 və sonrakılar. [K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 67 və sonrakılar].].
Bilavasitə məhsul mübadiləsi, bir tərəfdən, sadə dəyər ifadəsi formasına malikdir, digər tərəfdən isə hələ buna malik deyildir. Gördüyümüz kimi, bu forma belədir: x miqdar A əmtəə = y miqdar B əmtəəyə. Bilavasitə məhsul mübadiləsi forması isə belədir: x miqdar A istehlak şeyi = y miqdar B istehlak şeyinə[42 - Nə qədər ki, iki müxtəlif istehlak şeyi mübadilə olunmur, çox zaman vəhşilər arasında təsadüf etdiyimiz kimi, bir şey əvəzində ekvivalent olaraq bir yığın müxtəlif şey təklif edilir, o vaxta qədər hətta bilavasitə məhsul mübadiləsi hələ öz astanasından irəli getməmiş olur.]. Burada A şey ilə B şey mübadiləyə qədər əmtəə deyildir, bunlar ancaq mübadilə sayəsində əmtəə olur. İstehlak şeyinin dönüb potensial mübadilə dəyəri olması üçün lazım gələn birinci ilkin şərt ondan ibarətdir ki, bu istehlak şeyi qeyri-istehlak dəyəri kimi mövcuddur, öz sahibinin bilavasitə tələbatından artıq miqdarda olur. Şeylər özlüyündə insandan xaricdədir və buna görə də özgəninkiləşdirilə bilər. Bu özgəninkiləşdirmənin qarşılıqlı olması üçün insanlar yalnız dinməzcə bir-birinin qarşısına bu özgəninkiləşdirilən şeylərin xüsusi mülkiyyətçisi kimi, buna görə də həmçinin bir-birindən asılı olmayan şəxslər kimi çıxmalıdırlar. Lakin istər patriarxal ailə, istər qədim hind icması, istərsə inklər dövləti və i. a. olsun, təbii surətdə meydana gələn icmanın üzvləri arasında bu cür qarşılıqlı özgəninkilik münasibəti yoxdur. Əmtəə mübadiləsi icma qurtardığı yerdən, icmanın başqa icmalarla və ya başqa icmaların üzvləri ilə təmas etdiyi yerdən başlanır. Lakin şeylər zahiri münasibətlərdə əmtəəyə çevrildikdə, əks təsir yolu ilə icma daxilində də bunlar əmtəə olur. Bunların miqdarca mübadilə nisbəti əvvəllər tamamilə təsadüfidir. Bunlar ancaq ona görə mübadiləyə daxil olur ki, sahibləri bunları qarşılıqlı surətdə bir-birinə verib dəyişmək istəyirlər. Bu zaman özgəsinin istehlak şeylərinə olan tələbat yavaş-yavaş möhkəmləşir. Mübadilə daim təkrar olunmaq sayəsində müntəzəm bir ictimai proses olur. Buna görə də zaman keçdikcə əmək məhsullarının heç olmazsa bir hissəsi qəsdən mübadilə ehtiyacları üçün istehsal olunmağa başlayır. Bu vaxtdan etibarən, bir tərəfdən, şeyin bilavasitə istehlak üçün faydalılığı ilə onun mübadilə üçün faydalılığı arasındakı fərq sabitləşir. Onun istehlak dəyəri onun mübadilə dəyərindən ayrılır. Digər tərəfdən, şeylərin mübadiləsindəki miqdar nisbəti onların öz istehsalından asılı bir hal alır. Vərdiş sayəsində bunlar dəyər kəmiyyətləri kimi təsbit olunur.
Bilavasitə məhsul mübadiləsində hər bir əmtəə öz sahibi üçün bilavasitə mübadilə vasitəsidir və onun sahibi olmayan üçün ekvivalentdir, – lakin ancaq o zaman ekvivalentdir ki, bu əmtəə onun sahibi olmayan üçün istehlak dəyəri olsun. Deməli, mübadilə edilən şey hələ öz istehlak dəyərindən, yaxud mübadilə edən şəxslərin fərdi tələbatından asılı olmayan heç bir dəyər forması almır. Lakin mübadilə prosesinə daxil olan əmtəələrin sayı və müxtəlifliyi artdıqca, belə bir formanın da zəruriliyi getdikcə daha çox inkişaf edir. Məsələ onu həll etmək vasitələri ilə bir zamanda meydana çıxır. Əmtəə sahiblərinin öz məmulatını müxtəlif başqa məmulata mübadilə etdikləri və bunları bir-birinə bərabərləşdirdikləri əmtəələr dövriyyəsi heç vaxt elə baş verə bilməz ki, bu zaman müxtəlif əmtəə sahiblərinin müxtəlif əmtəələri öz dövriyyələri çərçivəsində eyni bir üçüncü əmtəəyə mübadilə olunmasın və bir dəyər kimi ona bərabər tutulmasın. Belə bir üçüncü əmtəə müxtəlif başqa əmtəələr üçün ekvivalent olub, məhdud çərçivədə olsa da, bilavasitə ümumi və ya ictimai ekvivalent forması kəsb edir. Bu ümumi ekvivalent forması onu doğuran ani ictimai təmasla birlikdə meydana gəlir və yox olur. Bu forma növbə ilə və ani surətdə gah bir əmtəənin, gah da başqa əmtəənin nəsibi olur. Lakin əmtəə mübadiləsi inkişaf etdikcə, bu forma ancaq müəyyən əmtəə növləri ilə möhkəm birləşib qalır, yaxud kristallaşıb pul forması alır. Ümumi ekvivalent formasının məhz hansı əmtəə növü ilə birləşməsi əvvəllər təsadüfi olur. Lakin burada ümumiyyətlə və bütünlükdə iki cəhət həlledici rol oynayır. Pul forması ya mübadilə yolu ilə kənardan alınan və həqiqətən yerli məhsulların mübadilə dəyərinin təbii surətdə meydana gəlmiş təzahür formasını təmsil edən ən mühüm şeylərlə, ya da özgəninkiləşdirilən yerli əmlakın başlıca ünsürü olan bir istehlak şeyi ilə, məsələn, mal-qara ilə birləşib qalır. Pul forması birinci olaraq köçəri xalqlar içərisində inkişaf edir, çünki onların bütün əmlakı mütəhərrik formadadır, deməli, bilavasitə özgəninkiləşdirilən formadadır və onların həyat tərzi daim onları başqa icmalarla təmasa gətirir və bununla da məhsul mübadiləsinə sövq edir. İnsanlar çox zaman qulun şəxsində adamın özünü ilkin pul materialına çevirmişlər, amma torpağı heç zaman bu materiala çevirməmişlər. Belə bir ideya ancaq artıq inkişaf etmiş burjua cəmiyyətində meydana gələ bilərdi. Bu ideya ancaq XVII əsrin son qərinəsində meydana gəlmiş, bunu milli miqyasda həyata keçirməyə isə ilk dəfə yüz il sonra, Fransa burjua inqilabı zamanı təşəbbüs edilmişdir.
Əmtəə mübadiləsi öz məhdud məhəlli çərçivəsini dağıtdıqca və buna görə də əmtəə dəyəri yüksəlib ümumiyyətlə insan əməyinin maddiləşməsinə çevrildikcə, pul forması ümumi ekvivalent kimi bir ictimai funksiyanı yerinə yetirmək üçün lap öz təbiəti etibarı ilə xüsusən yararlı olan əmtəələrə, məhz nəcib metallara keçir.
«Qızıl və gümüş öz təbiətinə görə pul deyildir, amma pul öz təbiətinə görə qızıl və gümüşdür»[43 - Karl Marks. „Siyasi iqtisadın tənqidinə dair“, səh. 135 [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci naşri, 13-cü cild, səh. 137]. „Qiymətli metallar… öz təbiətinə görə puldur“ (Galiani. „Della Moneta“, Kustodi nəşri. Parte Moderna, III çild, səh. 137).], – bu fikri, həmin metalların təbii xassələrinin pul funksiyalarına uyğun gəlməsi sübut edir[44 - Bu barədə ətraflı məlumat almaq üçün mənim indicə sitat gətirilən əsərimdə "Nəcib metallar" bölməsinə bax.]. Lakin hələlik biz pulun ancaq bir funksiyasını bilirik, bu da əmtəə dəyərinin təzahür forması olmaq, yaxud əmtəə dəyərləri kəmiyyətlərinin öz ictimai ifadəsini tapdığı material olmaqdır. Yalnız elə bir materiya dəyər təzahürünün adekvat forması, yaxud abstrakt əməyin və, deməli, bərabər insan əməyinin maddiləşməsi ola bilər ki, onun bütün nüsxələri eyni keyfiyyətə malik olsun. Digər tərəfdən, dəyər kəmiyyətlərinin fərqi xalis miqdar xarakteri daşıdığına görə, pul əmtəəsi xalis miqdarca fərqlənməyə qabil olmalıdır, yəni elə xassələrə malik olmalıdır ki, onu istənilən qədər xırda hissələrə bölmək və yenidən bu hissələrdən əmələ gətirmək mümkün olsun. Qızıl və gümüş öz təbiətinə görə bu xassələrə malikdir.
Pul əmtəənin istehlak dəyəri ikiləşir. Pul əmtəə bir əmtəə kimi malik olduğu xüsusi istehlak dəyərindən başqa, – məsələn, qızıldan dişə plomb qoymaq üçün istifadə edilir, zinət şeyləri hazırlamaq üçün o, xammal olur və i. a. – öz spesifik ictimai funksiyalarından irəli gələn formal istehlak dəyəri kəsb etmiş olur.
Bütün başqa əmtəələr pulun ancaq xüsusi ekvivalentləri, pul isə bunların ümumi ekvivalenti olduğuna görə, xüsusi əmtəə olan bu əmtəələrin pula münasibəti ümumi bir əmtəəyə olan münasibətdir.
Biz artıq gördük ki, pul forması ancaq bir əmtəəyə bütün qalan əmtəələrin münasibətlərinin həmin əmtəədə nəqş olunmuş inikasıdır. Deməli, pulun əmtəə olması[45 - „Pul universal əmtəədir" (Verri, sitat gətirilən əsər, səh. 16).] faktı ancaq o adama bir kəşf kimi görünə bilər ki, pulun hazır formasını əsas tutub pulu bu hazır şəkildə təhlil etmək istəsin. Mübadilə prosesi pula çevirdiyi əmtəəyə onun dəyərini vermir, onun ancaq spesifik dəyər formasını verir. Bu iki tərifin qarışdırılması ona gətirib çıxarır ki, qızıl və gümüşün dəyərini xəyali hesab etməyə başlayırlar[46 - „Qızıl və gümüş sikkə olmazdan əvvəl, bir metal olaraq öz dəyərinə malikdir“ (Galiani, sitat gətirilən əsər). Lokk deyir: „Gümüşün xassələri onu pul rolu oynamaq üçün yararlı etdiyinə görə, insanlar ümumi bir razılıqla gümüşə xəyali bir dəyər vermişlər“. Lo, əksinə, deyir: Necə ola bilərdi ki, müxtəlif millətlər müəyyən şeyə xəyali bir dəyər versinlər?.. Və necə ola bilərdi ki. bu xəyali dəyər saxlanıb qalsın?“ Məsələnin mahiyyətini onun nə qədər pis antadığını özünün bu sözləri göstərir: „Gümüş malik olduğu istehlak dəyərinə görə, yəni öz gerçək dəyərinə görə mübadilə olunurmuş; pul vəzifəsi daşımaq sayəsində isə əlavə bir dəyər də kəsb etmişdir.]. Pulu müəyyən funksiyalarında sadəcə pul nişanı ilə əvəz etmək mümkün olduğuna görə, buradan belə başqa bir səhv də doğmuşdur ki, pul ancaq nişandır. Digər tərəfdən, bu yanılmada belə bir cəhətin tutqun şəkildə sezildiyini görmək olar ki, şeylərin pul forması onların özü üçün onlardan kənar bir cəhətdir və bu forma arxasında gizlənən insan münasibətlərinin ancaq təzahür formasıdır. Bu mənada hər bir əmtəə ancaq bir nişan olardı, çünki dəyər olmaq etibarı ilə əmtəə ona sərf olunmuş insan əməyinin ancaq şey qabığıdır[47 - „Pul onların“ (əmtəələrin) „nişanıdır“ (V. De Forbonnais. „Elements du Commerce Nouv. Edit Leyde, 1766, t.II, p.143). „Bir nişan olmaq etibarı ilə pulu əmtəələr cəzb edir“ (yenə orada, səh. 155). Pul şeyin nişanı və nümayəndəsidir" (Montesquieu, „Esprit des Loix“. Oeuvres. London, 1767, p.3). „Pul sadə nişan deyildir, çünki pul özü sərvətdir, pul dəyərlərin nümayəndəsi deyil, özü dəyərdir“ (Le Trosne, sitat gətirilən əsər. səh. 910). „Biz dəyər anlayışına diqqət yetirdikdə, şey özü ancaq bir nişan kimi nəzərdən keçirilir, həm də bu şey özlüyündə deyil, nə dəyərində olmasına görə əhəmiyyətlidir“ (Negel. „Philosophie des Rechts“, S. 100). Qızılın sadəcə bir nişan olması və nəcib metalların ancaq xəyali dəyərə malik olması təsəvvürünü iqtisadçılardan çox əvvəl yuristlər yaymışdılar; kral hakimiyyəti qarşısında nökərçilik edən bu yuristlər kralların sikkəni saxtalaşdırmaq hüququnu Roma imperiyası ənənələri ilə və pandektlərdə ifadə edilən pul anlayışları ilə bütün orta əsrlər boyu əsaslandırmağa çalışmışlar. Bu yuristlərin sədaqətli şagirdi olan Filipp Valua 1346-cı il dekretlərindən birində deyir: „heç kəs şübhə edə bilməz və şübhə etməməlidir ki, sikkə kəsmək, pul buraxmaq və sikkə haqqında hər cür sərəncam vermək hüququ, tədavülə sikkə buraxmaq, həm də öz istədiyimiz və səmərəli hesab etdiyimiz qiymətlə buraxmaq… Hüququ ancaq bizə və biz əlahəzrət krala məxsusdur". Roma hüququnda belə bir ehkam var idi ki, pulun dəyəri imperatorun verdiyi dekretlə təyin olunur. Pulu bir əmtəə kimi işlətmək qəti qadağan olunmuşdu. „Pulu isə heç kəs satın almamalıdır, çünki hamının istifadə etməsi üçün buraxılan pul dönüb əmtəə olmamalıdır“.]. Lakin müəyyən istehsal üsulu əsasında şeyləri kəsb etdiyi ictimai xassələri və ya bu istehsal üsulu əsasında əməyin ictimai təriflərinin kəsb etdiyi şey formalarını sadəcə nişan adlandırmaqla bunların insan zəkasının ixtiyarı məhsulu adlandırmış olurlar. XVIII əsr maarifçilərinin həvəslə işlətdikləri üsul belə idi, bunu tətbiq etməklə istəyirdilər ki, insan münasibətlərinin daşıdığı və meydana gəlməsini hələ izah edə bilmədikləri müəmmalı formalar üzərindən əsrarəngizlik örtüyünü, heç olmazsa müvəqqəti olaraq götürüb atsınlar.
Yuxarıda qeyd edildiyi kimi, əmtəənin ekvivalent formasında onun dəyər kəmiyyəti miqdarca müəyyən deyildir. Əgər biz biliriksə ki, qızıl puldur, yəni bütün başqa əmtəələrə bilavasitə mübadilə edilə bilər, onda biz hələ heç də bilmirik ki, məsələn, 10 funt qızıl neçəyədir. Hər bir başqa əmtəə kimi, qızıl da öz dəyərinin kəmiyyətini ancaq nisbi surətdə, ancaq başqa əmtəələrdə ifadə edə bilər. Qızılın öz dəyəri onun istehsalı üçün tələb edilən iş vaxtı ilə müəyyən olunur və eyni qədər iş vaxtı hər hansı başqa əmtəənin nə qədərində kristallaşmışsa, həmin əmtəənin bu miqdarında ifadə olunur[48 - „Peru mədənlərindən bir unsiya gümüş çıxarıb Londona gətirmək üçün bir buşel taxılın istehsalına lazım gəldiyi qədər vaxt sərf edilərsə, bu məhsullardan birincisi ikincisinin təbii qiyməti olar; yeni, daha zəngin mədənlər tapılması nəticəsində iki unsiya gümüşü indiki bir unsiya gümüş qədər asanlıqla çıxarmaq olarsa, əvvvəllər 5 şillinqə olan bir buşel taxıl indi caeteris parious [başqa şərtlər eyni olduqda] 10 şillinqə olacaqdır“ (William Petty “A.Treatise of Taxes and Contribitions”, London, 1667, p.31).]; Qızıl dəyərinin bu nisbi kəmiyyəti qızılın istehsal edildiyi yerdə, bilavasitə mübadilə ticarətində belə müəyyən olunur. Qızıl tədavülə pul kimi girdikdə, onun dəyəri artıq məlumdur. Əgər XVII əsrin artıq axırıncı on illərində pulun təhlili pulun əmtəə olduğunu müəyyən etmiş olsa da, bu hər halda təhlilin ancaq başlanğıcı idi. Çətinlik pulun əmtəə olduğunu başa düşməkdə deyil, əmtəənin necə və nə səbəbə pul olduğunu aşkara çıxarmaqdadır[49 - C-b professor Roşer bizə öyüd verib deyir: „Pula verilən yanlış tərifləri iki əsas qrupa bölmək olar: pulu əmtəədən böyük bir şey hesab edən təriflər və pulu əmtəədən kiçik bir şey hesab edən təriflər“. Sonra pul haqqındakı əsərlərin rəngarəng kataloqu verilir, burada isə pul nəzəriyyəsinin həqiqi tarixini başa düşməkdən bir əsər-əlamət də görmək mümkün deyildir. Axırda da belə bir nəticə vardır: „Onu da inkar etmək olmaz ki, ən yeni iqtisadçıların çoxu pulu başqa əmtəələrdən fərqləndirən xüsusiyyətlərə az fikir verir“ (deməli, pul yenə də əmtəədən kiçik və ya böyük bir şeydir?)“… Bu belə olduğuna görə, Qanil və başqalarının yarım merkantilist münasibəti bir qədər əsaslıdır“ (Wilheilm Rosher. “Die Grundlagen der Nitionalokonomie”, 3 Aufl.. 1858, S. 207–210). „Böyük–kiçik–az–belə olduğuna görə–bir qədər“! Bu da anlayışlara tərif vermək adlandırılır! Həm də c-b Roşer belə bir eklektik professor boşboğazlığına təvazökarlıqla siyasi iqtisadın „anatomik-fizioloji metodu“ adını vermişdir! Amma hər halla elm ona bir kəşfinə görə minnətdardır, bu da ondan ibarətdir ki, pul „xoşagələn əmtəədir“.].
Biz gördük ki, sadə dəyər ifadəsinin özündə, yəni x miqdar A əmtəə = y miqdar B əmtəəyə ifadəsində belə bir illüziya doğur ki, başqa bir şeyin dəyər kəmiyyəti ifadə olunan şey öz ekvivalent formasına guya əmtəələrin bu münasibətindən asılı olmadan malikdir, həmin şey bu formaya özünün anadangəlmə ictimai xassəsi kimi malikdir. Biz bu illüziyanın necə möhkəmləndiyini izlədik. Ümumi ekvivalent forma müəyyən əmtəənin natural forması ilə qovuşduqda, yaxud kristallaşıb pul forması aldıqda, bu illüziya başa çatmış olur. Həm də bu zaman belə bir təəssürat oyanır ki, guya müəyyən əmtəənin pul olmasına səbəb ancaq bütün başqa əmtəələrin öz dəyərlərini onda ifadə etməsi deyil, əksinə, bu əmtəələrin öz dəyərlərini onda ifadə etməsinə səbəb onun pul olmasıdır. Vasitəçi hərəkət öz doğurduğu nəticədə yox olub gedir və onun izi qalmır. Əmtəələr özləri heç bir yardım göstərmədən, özlərindən kənarda və özləri ilə yanaşı mövcud olan əmtəə cismində öz dəyərinin hazır surətini tapır. Bu şeylər – qızıl və gümüş – yerdən çıxarıldıqları şəkildə eyni zamanda hər cür insan əməyinin bilavasitə təcəssümü olur. Pulun ecazkar xarakteri də buradan irəli gəlir. Bizim indi öyrəndiyimiz cəmiyyət quruluşunda insanların ictimai istehsal prosesindəki münasibətləri xalis atomistik münasibətlərdir. Bunun nəticəsində onların istehsal münasibətləri onların nəzarətindən və şüurlu fərdi fəaliyyətindən asılı olmayan şey xarakteri alır. Bu ən əvvəl onda təzahür edir ki, onların əmək məhsulları ümumiyyətlə əmtəə forması alır. Beləliklə, pul fetişinin sirri əmtəə fetişinin ancaq nəzərə çarpan və göz qamaşdıran sirridir.

ÜÇÜNCÜ FƏSİL
PUL, YAXUD ƏMTƏƏ TƏDAVÜLÜ

1. DƏYƏRLƏRİN ÖLÇÜSÜ
Mən bu əsərin hər yerində, sadəlik xatirinə, fərz edirəm ki, pul əmtəə ancaq qızıldır.
Qızılın birinci funksiyası ondan ibarətdir ki, əmtəə aləminə onun dəyərini ifadə etmək üçün, yəni əmtəələrin dəyərlərini keyfiyyətcə eyni olan və miqdarca müqayisə edilə bilən eyni adlı kəmiyyətlər kimi ifadə etmək üçün material versin. Beləliklə, qızıl dəyərlərin ümumi ölçüsü funksiyasını daşıyır və spesifik ekvivalent əmtəə olan qızıl əvvəlcə məhz bu funksiyasına görə pul olur.
Əmtəələrin ortaq ölçülü olmasına səbəb pul deyildir. Əksinə. dəyər olmaq etibarı ilə bütün əmtəələr məhz maddiləşmiş insan əməyi olduqlarına görə və, deməli, özlüyündə ortaq ölçülü olduqlarına görə, – məhz buna görə bütün əmtəələr öz dəyərlərini eyni bir spesifik əmtəə ilə ölçə bilir, beləliklə də bu əmtəəni özləri üçün ümumi olan dəyərlər ölçüsünə, yəni pula çevirir. Dəyər ölçüsü olmaq etibarı ilə pul, əmtəələrə daxilən xas olan dəyər ölçüsünün, yəni iş vaxtının zəruri təzahür formasıdır[50 - Nəyə görə pul bilavasitə iş vaxtının özünü təmsil etmir, məsələn, nəyə görə kağız pul nişanı x miqdar iş saatını təmsil etmir – sualı sadəcə belə bir sualdan ibarət olur ki, nəyə görə əmtəə istehsalı əsasında əmək məhsulları gərək əmtəə forması alsın, zira əmtəə forması məhsulların əmtəələrə və pul əmtəəsinə bölündüyünü bildirir; yaxud belə bir sualdan ibarət olur ki, nəyə görə xüsusi əmək bilavasitə ictimai əmək, yəni öz əksliyi hesab edilə bilməz. Əmtəə istehsalı əsasında ,iş pulunun" bayağı utopizm olduğunu mən başqa bir yerdə müfəssəl nəzərdən keçirmişəm. („Siyasi iqtisadın tənqidinə dair“, səh. 61 və sonrakılar. [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci kəşri. 13-cü cild, səh. 67 və sonrakılar]). Burada ancaq onu qeyd edim ki, məsələn, Ouenin „iş pulunu” da „pul“ adlandırmaq, deyək ki, teatr biletinin də bela adlandırılması qədər əsassızdır. Ouen bilavasitə ictimailəşdirilmiş əməyi, yəni əmtəə istehsalına tamamilə əks olan istehsal formasını nəzərdə tutur. İş qəbzi ancaq, istehsalçının ümumi əməkdə fərdi iştirak payını və ümumi məhsulun istehlak üçün nəzərdə tutulan hissəsindən onun nə qədər pay istəyə biləcəyini göstərir. Lakin əmtəə istehsalını nəzərdə tutmaq və eyni zamanda da onun zəruri şərtlərini pul oyunbazlıqları vasitəsi ilə aradan qaldırmağa çalışmaq Ouenin heç xəyalına da gəlmirdi.]
Əmtəə dəyərinin qızılda ifadəsi: x miqdar A əmtəə = q miqdar pul əmtəəyə, – əmtəənin pul formasıdır, yaxud onun qiymətidir. İndi dəmirin dəyərini ictimai əhəmiyyətə malik formada göstərmək üçün bircə tənlik: 1 ton dəmir = 2 unsiya qızıla tənliyi kifayətdir. Bu tənliyi başqa əmtəələrin dəyər tənlikləri ilə bir sırada çiyin-çiyinə verib yeriməsinə daha ehtiyac yoxdur, çünki ekvivalent əmtəə, qızıl, artıq pul xarakterinə malikdir. Buna görə də əmtəələrin ümumi nisbi dəyər forması indi yenə öz ilk şəklinə – sadə, yaxud tək nisbi dəyər formasına qayıdır. Digər tərəfdən, geniş nisbi dəyər ifadəsi, yaxud nisbi dəyər ifadələrinin sonsuz sırası pul əmtəənin spesifik nisbi dəyər forması olur. Lakin bu sıra artıq indi əmtəə qiymətlərində ictimai surətdə verilmişdir. Hər bir qiymət cədvəlindəki yazıları sağdan sola oxuyun, onda pulun dəyər kəmiyyətinin mümkün olan bütün əmtəələrdə ifadəsini görərsiniz. Lakin pulun özünün qiyməti yoxdur. Bütün başqa əmtəələrin bu vahid nisbi dəyər formasında iştirak etmək üçün pul özünə öz ekvivalenti kimi münasibətdə olmalıdır.
Əmtəələrin ümumiyyətlə dəyər forması kimi, onların qiyməti də, yaxud pul forması da onların hisslərlə qavranılan real cismani formasından fərqli bir şeydir, deməli, ancaq təsəvvürdə mövcud olan yalnız ideal formadır. Dəmir, kətan, buğda və sairənin dəyəri, gözlə görünməsə də, şeylərin özündə mövcuddur; dəyər bunların qızıla bərabərliyində, qızıla nisbətində, onların, necə deyərlər, ancaq beynindəki nisbətdə ifadə olunur. Buna görə də əmtəələri saxlayan şəxs əmtəələrin qiymətini xarici aləmə bildirmək üçün öz dilini onların ixtiyarına verməli və ya onların üstünə kağız yarlıqlar yapışdırmalı olur[51 - Vəhşilər və yarımvəhşilər burada öz dillərinlən bir qədər başqa cür istifadə edirlər. Kapitan Parri Baffin körfəzinin qərb sahilindəki əhali haqqında belə söyləyir: „Bu zaman“ (məhsulu mübadilə edərkən) „…onlar bunu“ (mübadilə üçün onlara təklif olunan şeyi) „iki dəfə yalayır, görünür ki, bundan sonra sövdəni müvəffəqiyyətlə bağlanmış hesab edirlər”. Şərqi eskimoslar arasında da mübadilə edən şəxs aldıqı şeyi həmişə yalayarmış. Beləliklə, dil şimalda mənimsəmə orqanıdırsa, heç də təəccüblü deyildir ki, cənubda qarın mülkiyyət yığmaq orqanı hesab edilir; məsələn, kafr varlı adamı onun qarnının yoğunluğu ilə təyin edir. Gördüyümüz kimi, kafrlar çox anlaqlı məxluqdur: əhalinin sağlamlığı haqqında İngiltərə hökumətinin 1864-cü il Hesabatında fəhlə sinfinin xeyli hissəsində piy əmələ gətirən maddələrin çatışmadığı qeyd edildiyi halda. Həmin ildə Harvey adlı bir həkim (qan dövranını kəşf edən yox) burjuaziyaya və aristokratiyaya artıq piydən xilas olmaq çarəsi göstərən fırıldaqçı reseptlər verməklə şöhrətlənmişdi.]. Əmtəə dəyərlərinin qızılda ifadəsi ideal xarakter daşıdığına görə, bu əməliyyat üçün də ancaq fikrən təsəvvür edilən qızıl, yaxud ideal qızıl tətbiq oluna bilər. Hər bir əmtəə sahibi bilir ki, öz əmtəələrinin dəyərini qiymət formasına, yaxud fikrən təsəvvür olunan qızıl formasına salmışsa, hələ heç də öz əmtəələrini əsil qızıla çevirməmişdir və milyonlarla hesablanan əmtəə dəyərlərini qızılda ifadə etmək üçün ona zərrə qədər də real qızıl lazım deyildir. Deməli, dəyər ölçüsü rolunu pul ancaq fikrən təsəvvür olunan pul, yaxud ideal pul kimi oynayır. Bu vəziyyət pul haqqında ən mənasız nəzəriyyələr doğurmuşdur. Dəyər ölçüsü funksiyasını ancaq fikrən təsəvvür olunan pul yerinə yetirirsə də qiymət tamamilə real pul materialından asılıdır. Dəyər, yəni, məsələn, bir ton dəmirdəki qədər insan əməyi fikrən təsəvvür edilən və eyni qədər əməyi ehtiva edən miqdarda pul əmtəədə ifadə olunur. Deməli, qızılın, gümüşün və ya misinmi dəyər ölçüsü olmasından asılı olaraq bir ton dəmirin dəyəri tamamilə müxtəlif qiymətlərdə, yaxud tamamilə müxtəlif miqdar qızıl, gümüş və ya misdə ifadə olur.
İki müxtəlif əmtəə, məsələn, qızıl və gümüş, eyni zamanda dəyər ölçüsüdürsə, bütün əmtəələrin qiymətləri iki müxtəlif ifadə alır: qızıl qiymətləri və gümüş qiymətləri; qızılla gümüşün dəyərləri arasındakı nisbət sabit qaldıqca, məsələn, 1:15 olduqca, həmin qiymətlər sakitcə bir-biri ilə yola gedir. Lakin dəyərlərin bu nisbətində hər cür dəyişiklik əmtəələrin qızıl qiymətləri ilə gümüş qiymətləri arasındakı mövcud nisbəti pozur və, beləliklə, felən sübut edir ki, dəyər ölçüsünün ikiliyi onun funksiyasına ziddir[52 - 2-ci nəşrə qeyd. „Qızıl və gümüş qanuna görə eyni zamanda pul, yəni dəyər ölçüsü funksiyası daşıdığı yerdə daim bunları eyni bir materiya hesab etmək üçün əbəs cəhdlər göstərilmişdir. Eyni iş vaxtının həmişə qümüş və qızılın eyni proporsiyalarında maddiləşdiyini güman etmək əslində belə güman etmək deməkdir ki, gümüş ilə qızıl eyni bir materiyadır və bunlardan az qiymətli metalın, gümüşün müəyyən miqdarı qızılın müəyyən miqdarının daim müəyyən kəsir hissəsini təşkil edir. III Eduardın hökmranlığı zamanından II Georqun zamanınadək ingilis pul tədavülü tarixi qızıl və gümüş dəyərlərinin qanuna əsasən qoyulmuş nisbəti ilə həqiqətdə bunların dəyərinin dəyişilməsi arasında baş verən uyğunsuzluq üzündən bu tədavülün pozulması hallarının fasiləsiz sırasından ibarət olmuşdur. Gah qızıl, gah da gümüş həddindən yüksək qiymətləndirilmişdir. Həddindən artıq dərəcədə aşağı qiymətləndirilən metal tədavüldən çıxarılır, əridilib külçə halına salınır və xaricə aparılırdı. Onda hər iki metalın dəyəri arasındakı nisbət qanunvericilik yolu ilə yenidən dəyişdirilirdi, lakin tezliklə köhnə nominal dəyər kimi, yeni nominal dəyər də dəyərlərin həqiqi nisbəti ilə toqquşurdu. Bizim zəmanəmizdə Hindistan və Çində gümüşə olan tələb nəticəsində gümüşə nisbətən qızılın dəyərinin hətta çox zəif və müvəqqəti olaraq aşağı düşməsi Fransada ən böyük miqyasda eyni hadisəyə səbəb oldu, yəni gümüş ixrac edilməyə və qızıl gümüşü sıxışdırıb tədavüldən çıxarmağa başladı. 1855, 1856 və 1857-ci illərdə Fransaya qızıl idxalı onun ixracından 41 580 000 funt sterlinq artıq olmuş, gümüş ixracı isə onun idxalından 34 704 000 funt sterlinq artıq olmuşdur. Həqiqətdə qanuna əsasən hər iki metalın dəyər ölçüsü olduğu və buna görə də tədiyyə zamanı hər ikisinin qəbul edilməli olduğu, – həm də hər kəsin öz arzusuna görə istər qızıl, istərsə gümüş verə bildiyi, – ölkələrdə dəyəri qalxan metal məzənnəsindən artığa gedir və hər bir başqa əmtəə kimi, onun da qiyməti həddindən yüksək qiymətləndirilən metalla ölçülür, həm də ancaq bu axırıncısı dəyər ölçüsü olur. Bu sahədə bütün tarixi təcrübə sadəcə ondan ibarətdir ki, qanuna əsasən dəyər ölçüsü funksiyasını iki əmtəənin daşımalı olduğu yerlərdə həqiqətdə bu funksiyanı həmişə bunlardan ancaq biri daşımışdır“ (Karl Marks. „Siyasi iqtisadın tənqidinə dair”. Səh. 52-53 [bax: K. Marks və F, Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 59–60]).]
Qiyməti müəyyən edilmiş olan bütün əmtəələr belə bir forma alır: a miqdar A əmtəə = x miqdar qızıla; b miqdar B əmtəə = y miqdar qızıla; c miqdar C əmtəə = 2 miqdar qızıla və i. a.; a
, b
, c burada A, B, C növ əmtəələrin müəyyən kütlələridir, x, u, z isə qızılın müəyyən kütlələridir. Beləliklə, əmtəə dəyərləri müxtəlif kəmiyyətli qızılın fikrən təsəvvür olunan miqdarlarına çevrilmiş olur, yəni öz əmtəə cisimləri nə qədər müxtəlif olsa da, eyni adlı kəmiyyətlərə, qızıl kəmiyyətlərinə çevrilmiş olur. Bunlar qızılın belə müxtəlif miqdarları olduqlarına görə, bir-biri ilə müqayisə olunur və ortaq bir ölçü ilə ölçülür, həm də bunları ölçü vahidi olaraq müəyyən miqdar qızıla müncər etmək kimi bir texniki zərurət meydana gəlir. Bu ölçü vahidi özü getdikcə müəyyən hissələrə bölünmək yolu ilə genişlənib miqyas olur. Qızıl, gümüş, mis hələ pula çevrilməzdən əvvəl çəki hissələri şəklində belə bir miqyasa malik olur: məsələn, ölçü vahidi funtdursa, bu özü də, bir tərəfdən, unsiyalara və i. a. bölünür, digər tərəfdən, funtların birləşməsi yolu ilə sentnerlər və i. a. əmələ gəlir[53 - 2-ci nəşrə qeyd. İngiltərədə pul ölçü vahidi olmaq etibarı ilə bir unsiya qızılın bərabər hissələrin tam rəqəminə bölünə bilməməsi kimi qəribə hal belə izah edilir: „Bizim sikkə sistemimiz əvvəlcə ancaq gümüş işlədilməsinə uyğunlaşdırılmışdı, buna görə də bir unsiya gümüş həmişə bərabər sikkələrin müəyyən miqdarına bölünə bilər; lakin ancaq gümüşə uyğunlaşdırılmış sikkə sisteminə qızıl sonralar daxil edildiyinə görə, bir unsiya qızıl bərabər qiymətli sikkələrin tam rəqəminə bölünə bilmir“ (Maclaren. „History og the Currency“, London, 1858, p. 16).]. Buna görə də metal tədavülü şəraitində çəki miqyasının hazır adları həmişə pul miqyasının, yaxud qiymət miqyasının da ilkin adlarını təşkil edir.
Dəyər ölçüsü və qiymət miqyası olmaq etibarı ilə pul tamamilə müxtəlif olan iki funksiya daşıyır. Dəyər ölçüsü vəzifəsini pul insan əməyinin ictimai təcəssümü olmaq etibarı ilə daşıyır, qiymət miqyası vəzifəsini isə müəyyən çəkili metal olmaq etibarı ilə daşıyır. Dəyər ölçüsü olmaq etibarı ilə pul son dərəcə müxtəlif əmtəələrin dəyərlərini qiymətlərə, fikrən təsəvvür edilən qızıl miqdarlarına çevirməyə xidmət edir; qiymət miqyası olmaq etibarı ilə pul qızılın bu miqdarlarını ölçür. Dəyər ölçüsü ilə əmtəələr bir dəyər kimi ölçülür; qiymət miqyası isə, əksinə, müəyyən miqdar qızılın dəyərini, onun başqa miqdarlarının çəkisi ilə ölçmək deyil, qızılın müxtəlif miqdarlarını onun müəyyən miqdarı ilə ölçür. Qiymət miqyası üçün qızılın müəyyən çəkisi ölçü vahidi kimi götürülməlidir. Eyni adlı kəmiyyətlərin hər hansı halda müəyyən edilməsində olduğu kimi, burada da ölçülərin nisbətindəki sabitliyin həlledici əhəmiyyəti vardır. Deməli, eyni miqdar qızıl nə qədər dəyişməz halda ölçü vahidi olursa, qiymət miqyası öz funksiyasını bir o qədər yaxşı yerinə yetirir. Qızıl ancaq ona görə dəyər ölçüsü ola bilir ki, o özü əmək məhsuludur və, deməli, potensial dəyişən dəyərdir.
Hər şeydən əvvəl aydındır ki, qızıl dəyərinin dəyişilməsi onun qiymət miqyası olmaq funksiyasına əsla təsir etmir. Qızılın dəyəri hər necə dəyişilsə də, onun müəyyən miqdarlarının dəyərləri öz arasında eyni nisbəti saxlayır. Qızılın dəyəri hətta min dəfə aşağı düşsə də, 12 unsiya qızılın dəyəri yenə əvvəlki kimi bir unsiya qızılın dəyərindən on iki qat artıq olardı, qiymətlər müəyyən olunduqda isə qızılın müxtəlif miqdarlarının ancaq bir-birinə nisbəti nəzərdə tutulur. Digər tərəfdən, qızılın dəyəri düşdükdə və ya qalxdıqda bir unsiya qızılın çəkisi sabit qaldığına görə, unsiya hissələrinin çəkisi də sabit qalır; deməli, qızılın dəyəri hər necə dəyişilsə də, müəyyən qiymət miqyası olmaq etibarı ilə qızıl həmişə eyni xidmətləri göstərir.
Qızılın dəyərinin dəyişilməsi onun dəyər ölçüsü olmaq funksiyasına da mane olmur. Bu dəyişilmə bütün əmtəələrə eyni zamanda təsir edir və buna görə də caeteris [başqa şərtlər eyni olduqda], əmtəələrin dəyərləri əvvəlkinə nisbətən bəzən yüksək, bəzən də aşağı qızıl qiymətlərində ifadə olunsa da, onların qarşılıqlı nisbi dəyərlərini dəyişdirmir.
İstər bir əmtəənin dəyəri hər hansı başqa bir əmtəənin istehlak dəyərində ifadə olunduqda, istərsə əmtəələrə qızılla qiymət qoyulduqda bircə şey fərz olunur ki, həmin vaxtda müəyyən miqdar qızılın istehsalı filan qədər əməyə başa gəlir. Ümumiyyətlə əmtəə qiymətlərinin dəyişilməsinə gəldikdə, buna dəyərin sadə nisbi ifadəsinin yuxarıda şərh edilən qanunları tətbiq edilə bilər.
"Pulun dəyəri sabit qaldıqda, bütün əmtəə qiymətləri ancaq bu şərtlə qalxa bilər ki, əmtəələrin dəyərləri qalxsın; əmtəələrin dəyəri sabit qaldıqda isə bütün əmtəə qiymətləri bu şərtlə qalxa bilər ki, pulun dəyəri düşsün. Həm də əksinə. Pulun dəyəri sabit qaldıqda, bütün əmtəə qiymətləri ancaq bu şərtlə düşə bilər ki, əmtəə dəyərləri düşsün; əmtəə dəyərləri sabit qaldıqda isə bütün əmtəə qiymətləri ancaq bu şərtlə düşə bilər ki, pulun dəyəri qalxsın. Buradan heç də belə bir nəticə çıxmır ki, pulun dəyərinin qalxması həmişə əmtəə qiymətlərinin mütənasib surətdə düşməsinə, pulun dəyərinin düşməsi isə əmtəə qiymətlərinin mütənasib surətdə qalxmasına səbəb olur. Belə bir nəticə ancaq dəyəri sabit qalan əmtəələr barəsində doğrudur. Məsələn, dəyəri pulun dəyəri ilə eyni zamanda və eyni ölçüdə qalxan əmtəələr öz qiymətlərini sabit saxlayır. Əgər bunların dəyəri pulun dəyərindən yavaş və ya sürətlə qalxırsa, onda bunların qiymətlərinin qalxması və ya düşməsi onların dəyərinin dəyişilməsi ilə pulun dəyərinin dəyişilməsi arasındakı fərqlə müəyyən olunur və i. a.
Qiymət formasını nəzərdən keçirməyə qayıdaq.
Çəkisi müəyyən olan metal miqdarlarının pul adları bir sıra müxtəlif səbəblər üzündən öz ilkin çəki adlarından tədricən fərqlənməyə başlayır. Bu səbəblərdən tarixən həlledici səbəblər aşağıdakılar olmuşdur. 1) Nisbətən aşağı inkişaf pillələrində olan xalqlar arasında xarici pulların işlədilməsi. Məsələn, Qədim Romada qızıl və gümüş sikkələr əvvəlcə xarici əmtəə olaraq tədavül etmişdir. Əlbəttə, bu xarici pulların adları yerli çəki vahidlərinin adlarından fərqlidir. 2) Sərvət artdıqca, çox nəcib metal az nəcib metalı dəyər ölçüsü funksiyasından sıxışdırıb aradan çıxarır: gümüş misi, qızıl gümüşü sıxışdırıb aradan çıxarır, hərçənd bu sıra qaydası qızıl və gümüş dövrlərinin şairanə xronologiyasına ziddir, Məsələn, funt sterlinq həqiqətən bir funt gümüşün pul adı olmuşdur. Lakin qızıl gümüşü dəyər ölçüsü vəzifəsindən sıxışdırıb aradan çıxardıqda bu ad, qızılla gümüşün dəyəri arasındakı nisbətdən asılı olaraq bəlkə də 1/15 funt və i. a. miqdar qızıla verilir. Pul adı olan funt ilə müəyyən miqdar qızılın adi çəki adı olan funt indi bir-birindən ayrılmış olur[54 - Məsələn ingilis funtu öz ilkin çəkisindən 1/3-dən az hissəsinə bərabərdir, Şotlandiya funtu birləşmə ərəfəsində öz ilkin çəkisinin ancaq 1/36 hissəsinə, fransız livri 1/74 hissəsinə, İspan maravedisi 1/1000 hissəsinə, Portuqaliya reysi isə daha kiçik bir hissəsinə bərabərdir.]. 3) Tam bir sıra əsrlər boyu hökmdarlar sikkəni arasıkəsilmədən saxtalaşdırmaqla məşğul olmuşlar, bunun da nəticəsində sikkələrin ilkin çəkisinin həqiqətdə ancaq adı qalmışdır[55 - 2-ci nəşrə qeyd. „İndi adı ancaq ideal olaraq qalan sikkələr hər bir millətin ən qədim sikkələridir; bir zamanlar bunların hamısı real sikkə idi və bunlar real sikkə olduğuna görə, hesab da bu sikkələrlə aparılırdı”. (Galiani. „Della Moneta“, p. 153).]
Bu tarixi proseslər sayəsində metalın çəki miqdarlarının pul adının öz adi çəki adından ayrılması xalqlar arasında bir adət şəklini alır. Pul miqyası, bir tərəfdən, tamamilə şərti olduğuna görə, digər tərəfdən isə, hamı tərəfindən qəbul edilməli olduğuna görə, ən nəhayət, qanunla tənzim edilir. Nəcib metalın müəyyən çəki miqdarı, məsələn bir unsiya qızıl, rəsmən müəyyən hissələrə bölünür və bunlara rəsmi surətdə müyyən adlar qoyulur, məsələn: funt, taler və i. a. Əslində pul ölçü vahidi olan belə bir hissə özü də yeni hissələrə bölünür və qanun əsasında bunlara öz adları verilir: şillinq, penni və i. a. Hər halda metalın müəyyən çəki miqdarları əvvəlki kimi yenə də metal pulun miqyası olaraq qalır. Ancaq hissələrə bölmək üsulu və bunların adları dəyişilir.
Beləliklə, qiymətlər, yaxud əmtəə dəyərlərinin ideal surətdə çevrildiyi qızıl miqdarları indi pul adlarında, yaxud qızıl miqyasının qanunvericilik yolu ilə qoyulan hesab adlarında ifadə olunur. Bir kvarter buğdanın bir unsiya qızıla bərabər olduğunu demək əvəzinə ingilis deyəcəkdir ki, bir kvarter buğda 3 funt sterlinq 17 şillinq 10 1/2 pensə bərabərdir. Beləliklə, əmtəələr öz pul adları vasitəsi ilə nə dəyərində olduqlarını göstərir və hər hansı bir şeyi dəyər kimi, yəni pul formasında təsbit etmək lazım gəldikdə, pul hər dəfə hesab pulu olur.
Hər hansı bir şeyin adı onun təbiəti ilə əsla əlaqədar deyildir. Əgər mən bir adamın ancaq adının Yakov olduğunu bilirəmsə, onun haqqında heç bir şey bilmirəm. Eynilə də funt, taler, frank, dukat və i. a. pul adlarında da dəyərlər nisbətinin hər bir izi silinib gedir. Bu ecazkar nişanların gizli mənası barəsində dolaşıqlıq xüsusən ona görə böyük olur ki, pul adları eyni zamanda həm əmtəələrin dəyərini, həm də müəyyən çəkidə olan metalın, pul miqyasının müəyyən hissəsini ifadə edir[56 - 2-ci nəşrə qeyd. „Qiymət miqyası olmaq etibarı ilə qızıl da əmtəə qiymətləri kimi eyni hesab adları daşıdığına görə, məsələn, bir unsiya qızıl da bır ton dəmirin dəyəri kimi 3 funt sterlinq 17 şillinq 10 1/2 pensdə ifadə olunur, – qızılın bu hesab adlarını onun sikkə qiyməti adlandırmışlar. Buradan isə belə bir qəribə təsəvvür meydana gəlmişdir ki, guya qızıl (və ya gümüş) öz materialı ilə qiymətləndirilir və bütün başqa əmtəələrdən fərqli olaraq, qiymətini dövlət təyin elnr. Qızılın müəyyən çəki miqdarları üçün hesab adlarının təyin edilməsini səhv olaraq, həmin çəki miqdarlarının dəyərinin təyin olunması hesab edirlər” (Karl Marks. „Siyasi iqtisadın tənqidinə dair“, səh. 52 [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 59]).], digər tərəfdən, lazımdır ki, əmtəə aləminin öz rəngarəng və ala-bəzək cisimlərindən fərqli olaraq dəyər inkişaf edib bu irrasional şey forması və eyni zamanda xalis ictimai forma alsın[57 - Müqayisə et: „Pul ölçü vahidi nəzəriyyələri“. „Siyasi iqtisadın tənqidinə dair". səh. 53 və sonrakılar [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşrı, 13-cü cild, səh. 60 və sonrakılar]. „Sikkə qiymətinin qaldırılması və ya aşağı salınması haqqındakı bütün xəyallardan məqsəd budur ki, qızılın və ya gümüşün qanunla müəyyən edilmiş çəki miqdarlarına qanunla verilən pul adları dövlət hakimiyyətinin hökmü ilə daha böyük və ya daha kiçik çəki hissələrinə keçirilsin, belə ki, məsələn, gələcəkdə 74 unsiya qızıldan 20 şillinq əvəzinə 40 şillinq kəsilsin. Bütün bu xəyallar xüsusi kreditorlara və dövlət kreditorlarına qarşı sadəcə maliyyə fırıldaqları olmayıb "hər şeyə əlac edən iqtisadi vasitə" axtarıb tapmaq məqsədi güddüyünə görə, artıq Petti özünün "Quantulumcunque concerning Money. Tot he Lord Marquis of Halifax. 1682" adlı əsərində bu xəyalları çox gözəl təsvir etmişdir. Pettinin verdiyi təhlil bu məsələni o qədər mükəmməl əhatə edir ki, onun daha sonrakı xələfləri bir yana dursun, hətta bilavasitə xələfləri olan ser Dadli Nors və Con Lokk onun fikirlərini ancaq bayağılaşdıra bilmişdilər. O o cümlədən deyir: „Dekret vasitəsi ilə ölkənin sərvəti on qat artırıla bilsəydi, təəccüblü olardı ki, nəyə görə hökmdarlarımız artıq çoxdan bu cür dekretlər verməmişlər". (indicə adı çəkilən əsərdə, səh. 36).].
Qiymət əmtəədə maddiləşmiş əməyin pul adıdır. Deməli, əmtəə ilə adı əmtəə üçün qiymət olan pul miqdarı arasındakı ekvivalentlik sadəcə tavtologiyadır, həm də ümumiyyətlə əmtəə dəyərinin nisbi ifadəsi eyni zamanda iki əmtəənin ekvivalentliyi ifadəsidir[58 - "Ya da etiraf etmək lazım gələcəkdir ki, pulla götürülən bir milyonun bahası əmtəə ilə götürülən bərabər dəyərdən artıqdır”. (Le Trosne, sitat gətirilən əsər, səh. 919), deməli, „bir dəyərin bahası ona bərabər olan başqa dəyərdən artıqdır“.]. Lakin əmtəə dəyəri kəmiyyətinin göstəricisi olmaq etibarı ilə qiymət eyni zamanda əmtəənin pula olan mübadilə nisbətinin göstəricisidirsə, buradan heç də belə bir əks nəticə çıxmır ki, əmtəənin pula mübadilə nisbətinin göstəricisi olan qiymət hökmən dəyər kəmiyyətinin göstəricisi olmalıdır. Tutaq ki, bərabər kəmiyyətli ictimai zəruri əmək 1 kvarter buğdada və 2 funt sterlinqdə (1/2 unsiyaya qədər qızılda) ifadə olunur. 2 funt sterlinq bir kvarter buğdanın dəyər kəmiyyətinin pul ifadəsidir, yaxud onun qiymətidir. Lakin şərait bu bir kvarter buğdanın qiymətini 3 funt sterlinq təyin etməyə imkan verirsə və ya onu 1 funt sterlinqə endirməyə məcbur edirsə, onda aydındır ki, 1 funt sterlinq buğdanın dəyər kəmiyyətinin çox kiçik, 3 funt sterlinq isə çox böyük ifadəsidir, – bununla belə, istər 1 funt sterlinq, istərsə 3 funt sterlinq buğdanın qiymətləridir, ona görə ki, əvvələn, bunlar onun dəyər formasıdır, puldur, ikincisi isə, buğdanın pula olan mübadilə nisbətinin göstəricisidir. İstehsal şəraiti dəyişilmədikdə və ya əməyin məhsuldar qüvvəsi dəyişilmədikdə, bir kvarter buğdanın təkrar istehsalına bütün hallarda eyni miqdar ictimai iş vaxtı sərf olunmalıdır. Bu vəziyyət nə buğda istehsalçılarının, nə də başqa əmtəə sahiblərinin iradəsindən asılı deyildir. Beləliklə, əmtəənin dəyər kəmiyyəti ictimai iş vaxtına əmtəənin zəruri münasibətini, əmtəənin yaradılması prosesinin özünə immanent olan bir münasibəti ifadə edir. Dəyər kəmiyyəti qiymətə çevrildikdə, bu zəruri münasibət məlum əmtəənin ondan kənarda olan pul əmtəəsinə mübadilə nisbəti kimi təzahür edir. Lakin bu mübadilə nisbətində həm əmtəənin dəyər kəmiyyəti, həm də mövcud şəraitdə əmtəə özgəninkiləşdirilərkən bu dəyər kəmiyyətinə nisbətən meydana çıxan plyus və ya minus ifadə oluna bilər. Deməli, qiymətlə dəyər kəmiyyətinin bir-birinə miqdarca uyğun olmaması imkanı, yaxud qiymətin dəyər kəmiyyətinə uyğun gəlməməsi imkanı artıq qiymət formasının özündə vardır. Bu da həmin formanın nöqsanı deyildir, – əksinə, məhz bu fərqləndirici əlamət sayəsində həmin forma elə bir istehsal üsulunun adekvat forması olur ki, bu istehsal üsulu şəraitində qayda nizamsız hərc-mərclik içərisindən özünə ancaq kor-koranə fəaliyyət göstərən orta rəqəmlər qanunu kimi yol aça bilir.
Lakin qiymət forması nəinki dəyər kəmiyyəti ilə qiymət arasında, yəni dəyər kəmiyyəti ilə onun öz pul ifadəsi arasında miqdarca uyğunsuzluq olmasına imkan verir, – həmin formada gizli keyfiyyət ziddiyyəti də ola bilər, bunun da nəticəsində qiymət ümumiyyətlə dəyərin ifadəsi olmaqdan çıxır, hərçənd pul əmtəələrin ancaq dəyər formasıdır. Özlüyündə əmtəə olmayan şeylər, məsələn vicdan, namus və i. a. öz sahibləri üçün satlıq şey ola bilər və beləliklə də, öz qiyməti sayəsində əmtəə forması ala bilər. Deməli, şeyin dəyəri olmadan onun formal surətdə qiyməti ola bilər. Riyaziyyatda müəyyən kəmiyyətlər xəyali olduğu kimi, burada da qiymətin ifadəsi xəyalıdır. Digər tərəfdən, xəyali qiymət formasında, – məsələn, xam halda qalan və insan əməyi maddiləşmədiyinə görə dəyəri olmayan torpağın qiymətində, – gerçək dəyər nisbəti və ya bundan törəyən bir nisbət ola bilər.
Ümumiyyətlə nisbi dəyər forması kimi, qiymət də əmtəənin, məsələn bir ton dəmirin dəyərini elə ifadə edir ki, müəyyən miqdar ekvivalent, məsələn bir unsiya qızıl həmişə dəmirə bilavasitə mübadilə oluna bilər, lakin buradan heç də belə bir əks nəticə çıxmır ki, dəmir də qızıla bilavasitə mübadilə oluna bilər. Deməli, əmtəə felən mübadilə dəyəri kimi meydana çıxmaq üçün öz təbii cismini öz üzərindən atmalı, fikrən təsəvvür olunan qızıldan gerçək qızıla çevrilməlidir, hətta ola bilər ki, onun bu çevrilməsi Hegel «anlayışı» üçün zərurətdən azadlığa keçməyə, yaxud xərçəngin öz qabığını atmasına və ya müqəddəs İyeronimin qədim Adəmi tərk etməsinə[59 - İyeronimin səhrada gözəl qadın surətləri ilə mübarizəsinin göstərdiyi kimi, gəncliyində o öz maddi nəfsini çox çətinliklə öldürə bilirdisə, yaşa dolduqda da öz mənəvi nəfsini eyni dərəcədə çətinliklə öldürə bilirdi. Məsələn, o belə söyləyir: "Xəyalən mən xəllaqi-aləmin hüzuruna gəldim". Bir səs məndən soruşdu: "Sən kimsən?"– Dedim: "Mən xristianam". Xəllaqi-aləm qəzəblə dedi: "Yalan deyirsən, sən ancaq siseronçusan”.] nisbətən daha «ağır» olsun. Əmtəə öz real surətində, məsələn, dəmir surətində olmaqla bərabər, qiymətdə ideal dəyər surətinə, yaxud fikrən təsəvvür olunan qızıl surətinə malik ola bilər, lakin bu əmtəə eyni zamanda həm gerçək dəmir, həm də gerçək qızıl ola bilməz. Əmtəəyə qiymət vermək üçün, fikrən təsəvvür olunan qızılı ona bərabər tutmaq kifayətdir. Lakin bu əmtəə öz sahibindən ötrü ümumi ekvivalent rolu oynaması üçün gerçək qızılla əvəz olunmalıdır. Məsələn, dəmir sahibi hər hansı qəşəng bir əmtəənin sahibinə rast gəlib ona desə ki, dəmirin qiyməti artıq pul formasıdır, onda müqəddəs Pyotrun qarşısında etiqadın mahiyyətini şərh edən Danteyə onun göylərdə cavab verdiyi kimi, dəmirin sahibinə də belə cavab verərdilər:
«Tərkibi də, vəzni də
Məlumdur bu sikkənin.
Amma bu sikkələrdən
Cibində varmı sənin?»
Qiymət forması əmtəənin pul müqabilində özgəninkiləşdirilə bildiyini və belə bir özgəninkiləşdirmənin zəruriliyini göstərir. Digər tərəfdən, qızıl ancaq ona görə ideal dəyər ölçüsü funksiyası daşıyır ki, mübadilə prosesində qızıl artıq pul əmtəəsi kimi tədavül edir. Beləliklə, ideal dəyər ölçüsündə cingiltili sikkə gizlənir.

2. TƏDAVÜL VASİTƏSİ

a) ƏMTƏƏ METAMORFOZU
Biz gördük ki, əmtəə mübadiləsi prosesində bir-birinə zidd olan və bir-birini rədd edənin münasibətlər vardır. Əmtəənin inkişafı bu ziddiyyətləri aradan qaldırmaq deyil, bunların hərəkəti üçün forma yaradır. Gerçək ziddiyyətlərin həllinə kömək edən metod da ümumiyyətlə bundan ibarətdir. Məsələn, bir cismin daim başqa bir cisim üzərinə düşməsində və daim ondan uzaqlaşmasında ziddiyyət vardır. Ellipsis bu ziddiyyətin eyni zamanda həm əmələ gəldiyi, həm də həll olunduğu hərəkət formalarından biridir. Mübadilə prosesi əmtəələri bunların istehlak dəyəri olmadıqları əllərdən istehlak dəyəri olduqları əllərə keçirdiyinə görə, bu proses maddələrin ictimai mübadiləsidir. Bir faydalı əmək növünün məhsulu başqa faydalı əmək növü məhsulunun yerini tutur. Əmtəə istehlak dəyəri olduğu nöqtəyə çatdıqda, əmtəə mübadiləsi dairəsindən çıxıb istehlak dairəsinə keçir. Burada bizi ancaq birinci dairə maraqlandırır. Buna görə də biz bütün prosesi ancaq forma cəhətdən nəzərdən keçirəcəyik, deməli əmtəələrin ancaq formalarının dəyişilməsini, yaxud əmtəələrin metamorfozunu nəzərdən keçirəcəyik ki, bu da maddələrin ictimai mübadiləsində vasitə olur.
Hətta dəyərin anlaşılmasının özündə aydınlıq olmadığı nəzərə alınsa, formaların belə dəyişilməsinin tamamilə qeyri-qənaətbəxş anlaşılmasına səbəb budur ki, əmtəənin formasındakı hər bir dəyişiklik iki əmtəənin: adi əmtəə ilə pul əmtəənin mübadiləsi yolu ilə əmələ gəlir. Təkcə bu maddi cəhətə, əmtəənin qızıla mübadiləsinə diqqət verdikdə, məhz hər şeydən əvvəl nəzərə alınması lazım gələn cəhəti, yəni əmtəə formasının özündə baş verən halı nəzərdən qaçırırlar. Nəzərdən qaçırırlar ki, yalnız bir əmtəə kimi götürülən qızıl hələ pul deyildir və başqa əmtəələr öz qiymətləri vasitəsilə özləri qızılı özlərinə pul surəti götürüb ona belə bir surət münasibətində olurlar.
Əmtəələr mübadilə prosesinə qızıl suyuna basılmış, şəkər qatılmış şəkildə deyil, anadangəlmə halda daxil olurlar. Mübadilə prosesi əmtəənin ikiləşib əmtəə ilə pula bölünməsini, elə bir xarici əkslilik doğurur ki, bu əkslikdə əmtəələr özlərinə daxilən xas olan bir əksliyi-istehlak dəyəri ilə dəyər arasındakı əksliyi ifadə edir. Bu əkslikdə istehlak dəyəri olan əmtəələr mübadilə dəyəri olan pula qarşı durur. Bununla bərabər, həmin əksliyin hər iki tərəfi əmtəədir, yəni istehlak dəyəri ilə dəyərin vəhdətidir. Lakin bu fərqlərin vəhdəti iki qütbün hər birində bir-birinə əks halda təmsil olunmuşdur, buna görə də eyni zamanda onların qarşılıqlı münasibətini ifadə edir. Əmtəə real olaraq istehlak dəyəridir; əmtəənin dəyər varlığı qiymətdə ancaq ideal olaraq təzahür edir, qiymət də əmtəənin qarşısına onun dəyərinin real surəti kimi çıxan qızıla əmtəənin nisbətini ifadə edir. Qızılın maddəsi isə, əksinə, ancaq dəyərin maddiləşməsi qolu, yəni pul rolu oynayır. Buna görə də qızıl real olaraq mübadilə dəyəridir. Qızılın istehlak dəyəri nisbi dəyər ifadələri sırasında hələlik ancaq ideal olaraq meydana çıxır, bu nisbi dəyər ifadələri vasitəsilə qızıl özünə qarşı duran əmtəələrə öz real istehlak formalarının məcmusu münasibətində olur. Əmtəələrin bir-birinə əks olan bu formaları mübadilə prosesində əmtəələrin hərəkətinin gerçək formalarıdır.
İndi hər hansı bir müəyyən əmtəə sahibinin, məsələn köhnə tanışımız kətan toxuyanın ardınca mübadilə prosesi meydanına, əmtəə bazarına gedək. Onun əmtəəsi olan 20 arşın kətanın müəyyən qiyməti vardır. Bu qiymət 2 funt sterlinqə bərabərdir. O, kətanı 2 funt sterlinqə mübadilə edir və dünya görmüş bir adam olduğuna görə, təzədən bu 2 funt sterlinqi eyni qiymətdə bir ailə bibliyasına mübadilə edir. Onun üçün ancaq bir əmtəə, ancaq bir dəyər daşıyıcısı olan kətan öz dəyərinin forması olan qızıla mübadilə edilib özgəninkiləşdirilir və bu formadan yenə də başqa bir əmtəəyə, bibliyaya çevrilir, bu da toxucunun evinə artıq bir istehlak şeyi kimi gedib orada ruhun xilası üçün qiraətə tələbatını ödəyəcəkdir. Beləliklə, əmtəə mübadiləsi prosesi bir-birinə əks olan və bir-birini tamamlayan iki metamorfoz şəklində – əmtəənin pula çevrilməsi və onun puldan yenə əmtəəyə çevrilməsi şəklində baş verir[60 - Heraklit deyir ki, "Atəşə hər şey və atəş də hər şeyə mübadilə olunur, necə ki, qızıla əmtəələr mübadilə edilir və əmtəələrə də qızıl mübadilə olunur". (F. Lassalle. "Die Philosophie Herakleitos des Dunkeln" Berlin, 1858, Bd. I, S. 222) Lassal əsərin burasına yazdığı qeyddə, 224-cü səhifədəki 3-cü qeyddə yanlış olaraq pulu adi bir dəyər nişanı hesab edir.]. Əmtəə metamorfozu momentləri eyni zamanda əmtəə sahibinin sövdələrindən – satqıdan, əmtəənin pula mübadiləsindən; alqıdan, pulun əmtəəyə mübadiləsindən və sonra da bu iki sövdənin vəhdətindən: alqı üçün satqıdan ibarətdir.
Toxucu ticarət sövdəsinin ancaq son nəticəsinə fikir versə, məlum olar ki, onun əlində kətan əvəzində bibliya, öz əvvəlki əmtəəsi əvəzində, eyni dəyəri olub başqa cəhətdən faydalı olan ayrı bir əmtəə vardır. Toxucu özünə lazım olan bütün başqa yaşayış vasitələrini və istehsal vasitələrini də belə bir yolla mənimsəyir. Onun nöqteyi-nəzərincə, bütün bu proses ancaq onun öz əməyinin məhsulunu özgə əməyinin məhsuluna mübadilə etməkdə vasitəçi olur, məhsullar mübadiləsində vasitəçi olur.
Beləliklə, əmtəə mübadiləsi prosesi belə bir forma dəyişilməsi şəklində baş verir:


Bu hərəkət öz maddi məzmunu cəhətdən Ə–Ə deməkdir, əmtəənin əmtəəyə mübadiləsi, ictimai əmək maddələri mübadiləsi deməkdir, elə bir maddələr mübadiləsi deməkdir ki, bunun son nəticəsində prosesin özü də sönüb gedir.
Ə–P. Əmtəənin birinci metamorfozu, yaxud satqı. Əmtəə dəyərinin əmtəə cismindən pul cisminə keçməsi, başqa bir yerdə dediyim kimi, əmtəənin salto-mortalesidir. Bu baş tutmadıqda, əmtəə özü olmasa da, sahibinin ümidi boşa çıxmış olacaqdır. Əmtəə sahibinin tələbatı nə qədər çoxcəhətlidirsə, ictimai əmək bölgüsü onun əməyini bir o qədər bircəhətli edir. Məhz buna görə də onun məhsulu onun üçün ancaq mübadilə dəyəri olur. Bu məhsul ümumi ekvivalent formanı, ictimai əhəmiyyətə malik ekvivalent formanı ancaq pulda alır, pul isə özgənin cibindədir. Pulu oradan çıxarmaq üçün əmtəə hər şeydən əvvəl pul sahibindən ötrü istehlak dəyəri olmalıdır, yəni bu əmtəəyə sərf olunan əmək ictimai faydalı formada sərf edilmiş olmalıdır, yaxud ictimai əmək bölgüsündə həqiqi bir halqa olmalıdır. Lakin əmək bölgüsü təbii surətdə meydana gəlmiş bir istehsal orqanizmidir və bunun telləri əmtəə istehsalçılarından bixəbər toxunmuş və toxunmaqdadır. Əmtəə yeni doğmuş tələbatı ödəmək iddiasına düşən və ya riskə gedib hər hansı bir tələbatı hələ yenicə doğurmaq istəyən yeni bir əmək növünün məhsulu ola bilər. Hələ dünən eyni əmtəə istehsalçısının bir çox funksiyalarından biri olan məlum bir əmək əməliyyatı bu gün, ola bilər, bu əlaqəni kəssin və ayrılıb müstəqil bir şey olsun və məhz buna görə də öz qismi məhsulunu müstəqil bir əmtəə olaraq bazara göndərsin. İctimai şərait bu ayrıcalaşma prosesi üçün kifayət qədər yetişmiş və ya kifayət qədər yetişməmiş ola bilər. Bu gün məlum bir məhsul müəyyən ictimai tələbatı ödəyir. Ola bilsin ki, sabah ona bənzər başqa bir məhsul onu öz yerindən tamamilə və ya qismən sıxışdırıb çıxarsın. Həm də müəyyən bir əmtəə istehsalçısının, məsələn bizim toxucunun əməyi hətta ictimai əmək bölgüsündə möhkəm yer tutan bir halqa olsa da, bu hələ heç də məhz onun 20 arşın kətanının istehlak dəyəri olacağını təmin etmir. Əgər bu toxucunun rəqibləri kətana olan ictimai tələbatı artıq ödəmişlərsə, – bütün başqa şeylər kimi, bu tələbatın da öz həddi vardır – onda dostumuzun məhsuluna daha lüzum olmayacaq, dostumuzun məhsulu artıq, ziyadə və, deməli, faydasız olacaqdır. Doğrudur, bağışlanan atın dişinə baxmazlar, ancaq bizim toxucu bazara heç də bəxşiş etməyə gəlməmişdir. Lakin fərz edək ki, onun məhsulunun felən istehlak dəyəri vardır və, deməli, bu əmtəə pulu cəzb edir. Sual olunur: məhz nə qədər pul cəzb edir? Doğrudur, bu sualın cavabı qabaqcadan əmtəənin qiymətində, onun dəyər kəmiyyətinin göstəricisində verilmişdir. Biz burada əmtəə sahibinin öz hesablamalarındakı xalis subyektiv səhvləri bir kənara qoyuruq, çünki bazar bu səhvləri obyektiv surətdə dərhal düzəldir. Tutaq ki, istehsalçı öz məhsuluna ancaq orta ictimai zəruri iş vaxtı sərf etmişdir. Deməli, əmtəənin qiyməti həmin əmtəədə maddiləşmiş miqdarda ictimai əməyin ancaq pul adıdır. Lakin kətan toxumaq üçün olan ənənəvi istehsal şəraiti bizim toxucudan icazəsiz və ondan xəbərsiz dəyişilməyə başlamışdır. Dünən bir arşın kətan istehsalı üçün şübhəsiz ictimai zəruri iş vaxtı olan şey bu gün daha ictimai zəruri iş vaxtı deyildir və pul sahibi bu cəhəti dostumuza səylə nümayiş etdirib müxtəlif rəqiblərinin qoyduğu qiymətləri ona göstərir. Onun bədbəxtliyindən, dünyada toxucu çoxdur. Nəhayət, fərz edək ki, bazarda olan hər bir kətan parçası ancaq ictimai zəruri iş vaxtını ehtiva edir. Bununla belə, həmin kətan parçalarının ümumi məcmusunda artıq sərf edilmiş iş vaxtı ola bilər. Bazarın mədəsi arşını 2 şillinq hesabı ilə normal qiymətlə bütün kətanı həzm edə bilmirsə, bu sübut edir ki, cəmiyyətin bütün iş vaxtının həddindən çox böyük bir hissəsi kətan toxumaq formasında sərf olunmuşdur. Bunun nəticəsi isə ona bənzər ki, hər bir ayrıca toxucu öz fərdi məhsuluna ictimai zəruri iş vaxtından artıq vaxt sərf etmiş olsun. Burada bir məsəl yerinə düşər: «Birlikdə tutulanlar, birlikdə də asılar». Bütün kətan bazarda bütöv bir əmtəə, onun hər bir parçası isə bu bütöv əmtəənin ancaq müvafiq hissəsi vəzifəsini daşıyır. Doğrudan da, hər bir fərdi arşının dəyəri ancaq, ictimai cəhətcə müəyyən olan eyni miqdar yekcins insan əməyinin maddiləşməsidir.
Gördüyümüz kimi, əmtəə pulu sevir, amma «the course of true love never does run smooth». Öz membra disjecta-sını [pərakəndə üzvlərini] əmək bölgüsü sistemində meydana çıxaran ictimai istehsal orqanizminin keyfiyyət quruluşu nə kimi kortəbii təsadüflə fərqlənirsə, onun kəmiyyət quruluşu da belə bir təsadüflə fərqlənir. Beləliklə, bizim əmtəə sahibləri kəşf edirlər ki, onları müstəqil xüsusi istehsalçı edən əmək bölgüsü eyni zamanda ictimai istehsal prosesini və istehsalçıların bu prosesdəki öz münasibətlərini də onlardan asılı olmayan bir hala salır, adamlar bir-birindən asılı olmamaqla bərabər onların arasında hərtərəfli şey asılılığı sistemi də əmələ gəlir.
Əmək bölgüsü əmək məhsulunu əmtəəyə çevirir və buna görə də əmtəənin pula çevrilməsini zəruri edir. Eyni zamanda əmək bölgüsü bu çevrilmənin baş tutub tutmayacağını təsadüfi bir hal edir. Lakin biz burada həmin hadisəni saf şəkildə tədqiq etməli və deməli, onun normal cərəyan etdiyini fərz etməliyik. Ümumiyyətlə bu proses baş verirsə, yəni əmtəə satılmış olursa, onda həmişə forma dəyişilmiş olur, hərçənd qeyri-normal hallarda bu forma dəyişilməsində substansiya–dəyər kəmiyyəti–azaldıla və ya artırıla bilər.
Bir əmtəə sahibi üçün qızıl onun əmtəəsinin yerini tutur, başqası üçün isə əmtəə onun qızılının yerini tutur. Burada hiss ilə qavranılan hadisə ondan ibarətdir ki, əmtəə ilə qızıl, 20 arşın kətan ilə 2 funt sterlinq, əldən-ələ və ya bir yerdən başqa yerə keçir, yəni bir-birinə mübadilə olunur. Bəs əmtəə nəyə mübadilə olunur? Öz dəyərinin ümumi formasına. Bəs qızıl? Öz istehlak dəyərinin xüsusi növünə. Nəyə görə qızıl kətanın qarşısına pul şəklində çıxır? Ona görə ki, kətanın qiyməti, 2 funt sterlinq, yəni onun pul adı artıq indi kətanın pul kimi götürülən qızıla nisbətini ifadə edir. İlkin əmtəə forması əmtəənin özgəninkiləşdirilməsi yolu ilə atılmış olur, deməli, elə bir zamanda atılmış olur ki, bu zaman əmtəənin istehlak dəyəri əmtəənin qiymətində ancaq fikrən təsəvvür edilən qızılı həqiqətdə cəzb etsin. Buna görə də qiymətin reallaşması, yaxud əmtəə dəyərinin ancaq ideal formasının reallaşması digər tərəfdən pulun ancaq ideal istehlak dəyərinin reallaşmasıdır, – əmtəənin pula çevrilməsi eyni zamanda pulun əmtəəyə çevrilməsidir. Beləliklə, bu vahid proses ikitərəflidir: onun bir qütbü–əmtəə sahibi tərəfdən – satqıdır, müqabil qütbü – pul sahibi tərəfdən – alqıdır. Alqı-Satqı deməkdir, Ə–P eyni zamanda P–Ə deməkdir.
Biz bu yerədək insanlar arasında bircə iqtisadi münasibət–əmtəə sahibləri münasibətini bilirik, bu münasibətdə əmtəə sahibləri ancaq öz əməyinin məhsulunu özgəninkiləşdirmək yolu ilə özgə əməyinin məhsulunu mənimsəyirlər. Deməli, bir əmtəə sahibi ancaq ona görə başqasının qarşısına pul sahibi kimi çıxa bilir ki, onun əməyinin məhsulu təbiətən pul formasına malikdir, yəni pul materialıdır, qızıldır və i. a., ya da onun öz əmtəəsi öz cildini dəyişmiş, öz ilkin istehlak formasını öz üzərindən atmışdır. Pul vəzifəsi daşımaq üçün qızıl, əlbəttə, müəyyən bir nöqtədə əmtəə bazarına daxil olmalıdır. Bu nöqtə qızılın hasil olunduğu yerdir, – o yerdir ki, burada bilavasitə əmək məhsulu olan qızıl eyni dəyərə malik başqa bir əmək məhsuluna mübadilə olunur. Lakin bu zamandan etibarən qızıl daim əmtəələrin reallaşmış qiymətlərini ifadə edir. Qızılın hasil olunduğu yerlərdə onun əmtəəyə mübadiləsi bir kənara qoyulsa, qızıl hər bir əmtəə sahibinin əlində onun özgəninkiləşdirilmiş əmtəəsinin ayrılmış surətidir, satqının məhsulu, yaxud əmtəənin birinci metamorfozu olan Ə–P metamorfozunun məhsuludur. (Pulun olmaq üçün əvvəlcə gərək satasan.) Qızıl ona görə ideal pul, yaxud dəyər ölçüsü olmuşdur ki, bütün əmtəələr öz dəyərlərini qızılla ölçürdülər və beləliklə qızılı onlar öz istehlak formalarının fikrən təsəvvür olunan əksliyi, öz dəyərlərinin surəti etmişlər. Qızıl ona görə real pul olur ki, əmtəələr özlərinin hərtərəfli özgəninkiləşməsi prosesində qızılı həqiqətən özlərindən ayrılmış və özlərinin istehlak dəyərinin çevriliş forması edir, deməli, öz dəyərlərinin gerçək surəti edir. Dəyər surəti olmaq etibarı ilə əmtəə özünün təbii surətdə əmələ gəlmiş istehlak dəyərinin hər bir izini, onu yaradan xüsusi faydalı əməyin hər bir izini öz üzərindən silib atır və fərqsiz insan əməyinin yekcins ictimai maddiləşməsinə çevrilir. Pula baxanda, onda nə çeşid əmtəənin dönüb pul olduğunu görmək olmaz. Öz pul formasında bir əmtəə tamamilə hər bir başqa əmtəəyə bənzəyir. Pul peyindən ibarət ola bilər, hərçənd peyin heç də pul deyildir. Fərz edək ki, bizim toxucunun öz əmtəəsini verib əvəzində aldığı iki qızıl bir kvarter buğdanın çevrilmiş formasıdır. Kətanın satılması, Ə–P eyni zamanda onun alınmasıdır, P–Ə deməkdir. Lakin kətanın satılması olmaq etibarı ilə bu proses həmin əməliyyatın əksliyi ilə, bibliya alınması ilə qurtaran hərəkətin başlanğıcı olur; kətanın alınması olmaq etibarı ilə isə eyni proses həmin əməliyyatın əksliyindən – buğda satılmasından başlanmış hərəkəti başa çatdırır. Ə–P– Ə (kətan–pul–bibliya) prosesinin birinci fazası olan Ə–P (kətan–pul) eyni zamanda P–Ə (pul–kətan) deməkdir, yəni başqa bir Ə–P–Ə (buğda–pul–kətan) prosesinin son fazasıdır. Əmtəənin birinci metamorfozu, onun əmtəə formasından pula çevrilməsi eyni zamanda da həmişə hər hansı başqa bir əmtəənin buna əks olan ikinci metamorfozudur, əmtəənin dönüb pul formasından əmtəəyə çevrilməsidir[61 - Əvvəlcə, öz məhsulunu satmadan onu mübadilə edən qızıl və ya gümüş istehsalçısı, artıq yuxarıda dediyimiz kimi, istisna təşkil edir.].
P–Ə. Əmtəənin ikinci, yaxud son metamorfozu–alqı. Pul bütün başqa əmtəələrin onlardan ayrılmış surəti və ya onların ən ümumi özgəninkiləşdirilməsi məhsulu olduğuna görə, tamamilə özgəninkiləşdirilən bir əmtəədir. Pul bütün qiymətləri əks istiqamətdə oxuyur və, beləliklə, özünün əmtəəyə çevrilməsi üçün itaətkar bir material olmaq etibarı ilə bütün əmtəə cisimlərində əks olunur. Bununla bərabər əmtəələrin pula saldığı aşiqanə nəzərlərdən ibarət olan qiymətlər pulun başqa şeyə çevrilib onda təcəssüm etmək qabiliyyətinin hüdudunu, məhz onun öz miqdarını göstərir. Əmtəə pula çevrildikdə, bir əmtəə kimi yox, olduğuna görə, pulun üzərində öz sahibinin əlinə necə keçdiyini və məhz nəyin pula çevrildiyini göstərən bir iz qalmır. Pul haradan ələ keçirsə keçsin, non olet [iyi gəlmir]. Pul, bir tərəfdən, satılmış əmtəəni təmsil edirsə, digər tərəfdən, alına biləcək əmtəələri təmsil edir[62 - "Əlimizdə olan pul almaq istədiyimiz şeyləri və eyni zamanda bu pula satdığımız şeyləri təmsil edir”. (Mercier de la Riviere, sitat gətirilən əsər, səh. 586).].
P–Ə, yəni alqı, eyni zamanda satqıdır, yaxud Ə–P deməkdir; deməli, müəyyən bir əmtəənin son metamorfozu eyni zamanda hər hansı başqa bir əmtəənin birinci metamorfozudur. Bizim toxucunun nöqteyi-nəzərindən onun əmtəəsinin həyat yolu əldə etdiyi 2 funt sterlinqə aldığı bibliya ilə bitir. Lakin bibliya satan şəxs toxucudan aldığı 2 funt sterlinqi arağa çevirir. Ə–P–Ə (kətan–pul–bibliya) prosesinin son fazası olan P–Ə eyni zamanda Ə–P–Ə (bibliya–pul–araq) prosesinin birinci fazası olan Ə–P deməkdir. Əmtəə istehsalçısı bazara ancaq bir cür məhsul çıxardığına görə, bu məhsuldan adətən külli miqdarda satır, halbuki onun müxtəlif cəhətli tələbatı onu reallaşdırılan qiyməti, yaxud əldə edilən pul məbləğini, alacağı bir çox şeylər arasında daim bölməyə məcbur edir. Beləliklə, bir satqı müxtəlif əmtəələrin alınması kimi çoxlu əməliyyata gətirib çıxarır. Deməli, bir əmtəənin son metamorfozu başqa əmtəələrin birinci metamorfozlarının məcmusunu təşkil edir.
İndi biz hər hansı bir əmtəənin, məsələn kətanın metamorfozunu bütövlükdə götürsək, hər şeydən əvvəl görərik ki, bu metamorfoz bir-birinə əks olan və bir-birini tamamlayan iki hərəkətdən; Ə–P və P–Ə hərəkətlərindən ibarətdir. Əmtəənin bir-birinə əks olan bu iki çevrilməsi əmtəə sahibinin bir-birinə əks olan iki ictimai hərəkətində meydana çıxır və onun bir-birinə əks olan iki iqtisadi rolunda inikas edir. Satqı agenti olmaq etibarı ilə o satıcıdır; alqı agenti olmaq etibarı ilə alıcıdır. Lakin əmtəə hər bir çevrilməsində eyni zamanda özünün hər iki formasında – əmtəə formasında və pul formasında mövcud olduğuna görə, – bunlar da yalnız bir-birinə əks qütblərdə yerləşir, – eyni bir əmtəə sahibi satıcı olduqda başqası onun qarşısına alıcı sifəti ilə çıxır, o alıcı olduqda isə, başqası onun qarşısına satıcı sifəti ilə çıxır. Eyni bir əmtəə bir-birinə əks olan iki ardıcıl çevrilmədən keçdiyi–əmtəədən pula və puldan əmtəəyə çevrildiyi kimi, eyni bir əmtəə sahibi də satıcı rolundan çıxıb alıcı roluna girir. Deməli, bunlar qəti surətdə sabitləşmiş rollar deyil, əmtəə tədavülü prosesində daim bir şəxsdən başqa şəxsə keçən rollardır.
Ən sadə formasında əmtəə metamorfozu tələb edir ki, dörd kənar nöqtə və üç persone dramatic [iştirak edən şəxs] olsun. Əvvəlcə əmtəə öz dəyərinin surəti olan pula müqabil durur, həm də bu surət «o biri tərəfdə», özgənin cibində özünün bir şey kimi hiss edilən reallığına malik olur. Deməli, əmtəə sahibinə pul sahibi qarşı durur. Əmtəə pula çevrildikdə, dərhal pul əmtəənin ani ekvivalent forması olur, bunun da istehlak dəyəri və ya məzmunu «bu tərəfdə», başqa əmtəə cisimlərində mövcuddur. Əmtəənin birinci çevrilməsinin son nöqtəsi olan pul eyni zamanda ikinci çevrilmənin başlanğıc nöqtəsidir. Deməli, prosesin birinci əməliyyatında satıcı olan şəxs ikinci əməliyyatında alıcı olur və burada üçüncü bir əmtəə sahibi onun qarşısına satıcı kimi çıxır[63 - "Beləliklə, burada… dörd kənar nöqtə və sövdələşən üç fərd vardır ki bunlardan biri iki dəfə meydana çıxır" (Le Trosne, sitat gətirilən əsər, səh. 909).].
Əmtəə metamorfozunun bir-birinə əks istiqamətdə olan iki fazası bir dövran təşkil edir: əmtəə forması, əmtəə formasından çıxma, əmtəə formasına qayıtma. Hər halda burada əmtəə özü bir-birinə əks surətdə müəyyən olunur. Əmtəə başlanğıc nöqtədə öz sahibi üçün qeyri-istehlak dəyəridir, son nöqtədə isə istehlak dəyəridir. Eynilə də əvvəlcə pul əmtəənin çevrildiyi bərk bir dəyər kristalı kimi meydana çıxır, sonra isə dönüb əmtəənin ani ekvivalent forması olur.
Bir əmtəənin tam dövranını təşkil edən iki metamorfoz eyni zamanda iki başqa əmtəənin bir-birinə əks olan natamam metamorfozlarıdır. Eyni bir əmtəə (kətan) özünün bir sıra metamorfozlarını başlayır və eyni zamanda başqa bir əmtəənin (buğdanın) tam metamorfozunu başa çatdırır. Özünün birinci çevrilməsində, satqı əməliyyatında bu, əmtəə hər iki rolu öz vücudu ilə ifa edir. Həmin əmtəə qızıl sürfəsinə çevrilib özü də bu şəkildə hər bir əmtəə cisminin keçdiyi yolu keçirkən, eyni zamanda da müəyyən bir üçüncü əmtəənin birinci metamorfozunu başa çatdırır. Beləliklə, hər bir əmtəənin bir-sıra metamorfozlarının etdiyi dövran başqa əmtəələrin dövranları ilə qırılmaz surətdə qovuşur. Bütünlükdə bu proses əmtəə tədavülüdür.
Əmtəə tədavülü məhsulların bilavasitə mübadiləsindən yalnız formaca deyil, mahiyyətcə də fərqlidir. Doğrudan da, indicə təsvir edilən prosesə yaxından nəzər salaq. Şübhəsiz, toxucu kətanı bibliyaya, öz əmtəəsini özgə əmtəəsinə mübadilə etmişdir. Lakin bu hadisə belə bir hadisə olaraq ancaq onun özü üçün mövcuddur. Qızdırıcı içkini soyuq möminlikdən üstün tutan bibliya satıcısı heç fikrinə də gətirməmişdir ki, onun bibliyasına kətan mübadilə edilir; eynilə toxucu da heç güman etmir ki, onun kətanına buğda mübadilə edilmişdir və i. a. B şəxsin əmtəəsi A şəxsin əmtəəsinin yerini tutur, lakin A ilə B öz əmtəələrini bir-biri ilə mübadilə etmir. Əslində elə ola bilər ki, A ilə B bir-birindən alsın, lakin bu kimi təsadüfi bir hal da əmtəə tədavülünün ümumi şəraitindən irəli gəlmir. Biz burada, bir tərəfdən, görürük ki, əmtəə mübadiləsi bilavasitə məhsul mübadiləsinin fərdi və yerli hədlərini yıxıb dağıdır və insan əməyi maddələrinin mübadiləsini inkişaf etdirir. Digər tərəfdən, iştirak edən şəxslərin nəzarətindən kənarda qalan və təbiətin verdiyi münasibətlər xarakteri daşıyan tam bir ictimai əlaqələr dairəsi inkişaf edir. Toxucu kətanı ancaq ona görə sata bilir ki, kəndli buğdanı satmışdır; araq həvəskarı bibliyanı ancaq ona görə sata bilir ki, toxucu kətanı satmışdır; araqçəkən şəxs öz qızdırıcı içkisini ancaq ona görə sata bilir ki, başqa birisi abhəyat satmışdır və i. a.
Bunun nəticəsində tədavül prosesi heç də bilavasitə məhsul mübadiləsində olduğu kimi, istehlak dəyərləri öz yerlərini və sahiblərini dəyişdikdən sonra bitmir. Pul axırda məlum əmtəənin metamorfozları sırasından çıxması üzündən yox olmur. Pul tədavül prosesinin bu və ya digər əmtəənin tərk etdiyi nöqtələrində daim yenidən toplanır. Məsələn, kətanın ümumi metamorfozunda: kətan–pul–bibliya metamorfozunda əvvəlcə kətan tədavüldən çıxır, pul onun yerini tutur, sonra bibliya tədavüldən çıxır və pul onun yerini tutur. Bir əmtəənin yerini başqa əmtəənin tutması nəticəsində üçüncü bir şəxsin əlində pul əmtəə qalır[64 - 2-ci nəşrə qeyd. Bu hadisə nə qədər nəzərə çarpsa da, çox zaman iqtisadçılar, xüsusən fritreder vuigaries bunu görə bilmir.]. Tədavül arasıkəsilmədən pul təri axıdır.
Belə bir ehkamdan daha bayağı bir şey təsəvvür etmək çətindir ki, guya əmtəə tədavülü alqılarla satqılar arasında hökmən müvazinət yaradır, çünki hər bir satqı eyni zamanda alqıdır, habelə vice versa [əksinə]. Əgər bununla demək istəyirlər ki, həqiqətən baş vermiş satqıların sayı alqıların sayına bərabərdir, onda bu, məzmunsuz bir tavtologiyadır. Lakin bu ehkamla sübut etmək istəyirlər ki, satıcı öz arxasınca bazara öz alıcısını da gətirir. Alqı ilə satqı bir-biri ilə qütbü əkslik təşkil edən iki şəxsin – pul sahibi ilə əmtəə sahibinin qarşılıqlı münasibəti olmaq etibarı ilə eyni bir əməliyyatdır. Lakin eyni bir şəxsin hərəkətləri olmaq etibarı ilə bunlar bir-biri ilə qütbü əkslik təşkil edən iki əməliyyatdır. Beləliklə, satqı ilə alqının eyniyyətində belə bir hal nəzərdə tutulur ki, əmtəə tədavülün kimyagər retortasına atılıb oradan pul şəklində çıxmadıqda, əmtəə sahibi tərəfindən satılmadıqda, deməli, pul sahibi tərəfindən alınmadıqda, faydasız olur. Bu eyniyyətdə daha sonra nəzərdə tutulur ki, mübadilə prosesi, baş tutduqda da, əmtəənin həyatında müəyyən bir fasilədir, çox və ya az davam edə bilən məlum bir dövrdür. Əmtəənin birinci metamorfozu eyni zamanda satqı və alqı olduğuna görə, bu natamam proses eyni zamanda müstəqil bir prosesdir. Alıcının əmtəəsi vardır, satıcının isə pulu, felən bazara yenidən tez və ya gec çıxmasından asılı olmayaraq, özünün tədavül edə bilmək formasını saxlayan əmtəəsi vardır. Bir başqası almadan heç kəs sata bilməz. Lakin birisi bir şey satmışsa, ancaq buna görə də dərhal bir şey almalı deyildir. Əmtəə tədavülü məhsul mübadiləsinin zaman, məkan və fərdi hədlərini məhz ona görə dağıdır ki, öz əməyinin məhsulunu özgəninkiləşdirməklə bunun əvəzində özgə əməyinin məhsulunu almaq arasındakı bilavasitə eyniyyət bir-birinə əks olan iki əməliyyata–satqı ilə alqıya bölünür. Bir-birinə tam müstəqil proses kimi qarşı duran proseslər müəyyən daxili vəhdət təşkil edirsə, bu məhz o deməkdir ki, onların daxili vəhdəti xarici əksliklərin hərəkətində vücuda gəlir. Daxilən müstəqil olmayan yəni bir-birini tamamlayan proseslərin zahirən bir-birindən ayrılması müəyyən nöqtəyə çatdıqda, onların vəhdəti zorakılıq yolu ilə–böhran şəklində meydana çıxır. Əmtəəyə xas olan əkslik–istehlak dəyəri ilə dəyər arasındakı əkslik, eyni zamanda özünü bilavasitə ictimai əmək kimi ifadə etməli olan xüsusi əməyin əksliyi, eyni zamanda ancaq abstrakt ümumi əmək əhəmiyyətinə malik olan əlahiddə və konkret əməyin əksliyi, şeylərin şəxsiyyətləşməsi ilə şəxslərin şey keyfiyyəti almasının əksliyi–bu immanent ziddiyyət – əmtəə metamorfozunun əksliklərində öz hərəkətinin inkişaf etmiş formalarını alır. Deməli, elə bu formaların özündə böhranın mümkünlüyü–lakin ancaq mümkünlüyü vardır. Bu mümkünlüyün gerçəkliyə çevrilməsi tam bir sıra şərtlər məcmusunun olmasını tələb edir ki, bunlar da sadə əmtəə tədavülü çərçivəsində hələ əsla mövcud deyildir.[65 - Müqayisə et: Cems Mill haqqında qeydlərim. "Siyasi iqtisadın tənqidinə dair", səh. 74–76 (bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri. 13-cü cild, səh. 79-81). Burada iqtisadi məddahlıq metodu üçün iki cəhət xarakterikdir. Birincisi, əmtəə tədavülü ilə bilavasitə məhsul mübadiləsi arasındakı fərqlərdən sadəcə sərfnəzər edərək bunları eyniləşdirməkdir. İkincisi, kapitalist istehsal prosesinə xas olan ziddiyyətləri inkar etmək cəhdləridir; buna nail olmaq üçün kapitalist istehsal agentləri arasındakı münasibətlər əmtəə tədavülündən irəli gələn sadə münasibətlərə müncər edilir. Halbuki əmtəə istehsalı ilə əmtəə tədavülü ən müxtəlif istehsal üsullarına xas olan hadisələrdir, hərçənd bunların həcmi və əhəmiyyəti heç də eyni deyildir. Deməli, biz müəyyən istehsal üsullarının hamısına aid olan ancaq abstrakt əmtəə tədavülü kateqoriyalarını biliriksə, onda biz bu istehsal üsullarının differentia specifica-sı (xarakterik xüsusiyyətləri) haqqında qətiyyən heç bir şey bilmirik, bunların haqqında heç bir şey deyə bilmərik. Siyasi iqtisaddan başqa heç bir elmdə ən adi ümumi nöqtələr belə bir iddia ilə irəli sürülmür. Məsələn, Jan Batist Sey böhranlar haqqında fikir yürütməyə girişir, amma bircə şey bilir; onu bilir ki, əmtəə məhsuldur.]
Əmtəə tədavülü prosesində bir vasitəçi olan pul tədavül vasitəsi funksiyası kəsb edir.
b) PUL TƏDAVÜLÜ
Əmək məhsullarının bir-birinə maddi mübadiləsi üçün vasitə olan forma dəyişilməsi, Ə–P–Ə tələb edir ki, eyni bir dəyər əmtəə olmaq etibarı ilə prosesin başlanğıc nöqtəsini təşkil edərək yenidən əmtəə şəklində həmin nöqtəyə qayıtsın. Beləliklə, əmtəələrin bu hərəkəti bir dövran təşkil edir. Digər tərəfdən, bu formanın özü pul dövranına yol vermir. Bu formanın nəticəsi ondan ibarətdir ki, pul öz başlanğıc nöqtəsinə qayıtmaq deyil, arasıkəsilmədən bu nöqtədən uzaqlaşır. Əmtəə satıcının əlində öz çevrilmiş formasında, pul formasında qaldığı vaxta qədər bu əmtəə özünün birinci metamorfozu mərhələsində olur, yəni öz tədavülünün yalnız birinci yarısını icra etmiş olur. Proses–alqı məqsədi ilə satqı–başa çatdıqda, pul da öz əvvəlki sahibinin əlindən çıxıb getmiş olur. Doğrudur, toxucu bibliya aldıqdan sonra, yenidən kətan satsa, pul da yenə onun əlinə qayıdar. Lakin bu pul əvvəlki 20 arşın kətanın tədavülü nəticəsində qayıdıb gəlmir, əksinə, bu tədavül pulu toxucunun əlindən çıxarıb bibliya satanın əlinə keçirmişdir. Pul ancaq onun sayəsində qayıda bilir ki, yeni əmtəə birinci tədavül prosesinin verdiyi eyni nəticə ilə qurtaran yenə həmin tədavül prosesini yenidən başlayır və ya təkrar edir. Deməli, əmtəə tədavülünün bilavasitə pula verdiyi hərəkət forması pulun daim başlanğıc nöqtədən uzaqlaşması deməkdir, bir əmtəə sahibinin əlindən başqasının əlinə keçməsi, yaxud pulun tədavülü (currency cours de la monnaie) deməkdir.
Pulun tədavülü eyni bir prosesin daim yeknəsəq təkrar olunmasıdır. Əmtəə həmişə satıcı tərəfdə, alqı vasitəsi olan pul isə həmişə alıcı tərəfdə olur. Pul alqı vasitəsi vəzifəsini ifadə edərək əmtəənin qiymətini reallaşdırır. Lakin pul əmtəənin qiymətini reallaşdırarkən əmtəəni satıcının əlindən alıcının əlinə keçirir və eyni zamanda özü alıcının əlindən çıxıb satıcının əlinə keçir ki, həmin prosesi başqa bir əmtəə ilə də təkrar etsin. Pul hərəkətinin bu birtərəfli formasının əmtəə hərəkətinin ikitərəfli formasından irəli gəlməsi üstüörtülü qalır. Əmtəə tədavülü təbiətinin özü zahirən əks bir təsəvvür oyadır. Əmtəənin birinci metamorfozu öz zahiri görünüşü cəhətdən təkcə pulun hərəkəti deyil, habelə əmtəənin də öz hərəkətidir; əksinə, əmtəənin ikinci metamorfozu yalnız pulun hərəkəti şəklində görünür. Əmtəə öz tədavülünün birinci yarısında pul ilə öz yerini dəyişir. Bununla bərabər istehlak dəyəri olmaq etibarı ilə əmtəə tədavül dairəsindən çıxıb istehlak dairəsinə keçir.[66 - Hətta əmtəə daim yenidən satıldıqda da, – biz hələlik belə bir haldan bəhs etmirik, – son dəfə satıldığı zamandan etibarən tədavül dairəsindən istehlak dairəsinə keçib burada yaşayış vasitəsi və ya istehsal vasitəsi olur.] Onun yerini əmtəə dəyərinin surəti və ya əmtəənin pul maskası tutur. Tədavülün ikinci yarısını əmtəə daha öz natural şəklində deyil, qızıl cildində keçir. Beləliklə, hərəkətin fasiləsizliyi ancaq pula xasdır; əmtəə üçün iki bir-birinə əks prosesə bölünən hərəkət, pulun öz hərəkəti olmaq etibarı ilə bu hərəkət həmişə eyni prosesdir və burada pul daim öz yerini yeni-yeni əmtəələrlə dəyişir. Buna görə də iş elə bir şəkil alır ki, guya əmtəə tədavülünün nəticəsi, bir əmtəənin yerini başqa əmtəənin tutması, əmtəənin öz formalarının dəyişilməsindən deyil, pulun tədavül vasitəsi olmaq funksiyasından irəli gəlir, özlüyündə hərəkətsiz olan əmtəələri guya məhz tədavül vasitələri hərəkətə gətirir, onları qeyri-istehlak dəyəri olduqları əllərdən istehlak dəyəri olduqları əllərə keçirir, həm də bunları həmişə pulun öz hərəkətinə əks istiqamətdə hərəkət etdirir. Pul daim əmtəələri tədavül dairəsindən uzaqlaşdırıb tədavüldə onların yerini tutur və bununla da öz başlanğıc nöqtəsindən uzaqlaşır. Buna görə də pulun hərəkətində yalnız əmtəələrin tədavülü ifadə olunursa da, zahirdə, əksinə, belə görünür ki, əmtəələrin tədavülü ancaq pulun hərəkətinin nəticəsidir[67 - "Onun" (pulun) "məhsullar tərəfindən ona verilən hərəkətdən başqa heç bir hərəkəti yoxdur”. (Le Trosne, sitat gətirilən əsər, səh. 885).].
Digər tərəfdən, pulun ancaq ona görə tədavül vasitəsi funksiyası vardır ki, əmtəələrin müstəqilləşmiş dəyərini təmsil edir. Buna görə də tədavül vasitəsi olmaq etibarı ilə pulun hərəkəti həqiqətdə ancaq əmtəənin öz formasının hərəkətidir. Deməli, bu hərəkət pulun tədavülündə gözə görünən bir şəkildə də əks olunmalıdır. Məsələn, kətan əvvəlcə öz əmtəə formasını öz pul formasına çevirir. Onun birinci metamorfozu olan Ə–P metamorfozunun ikinci qütbü, yəni pul forması sonra onun axırıncı metamorfozu olan P–Ə metamorfozunun, yenidən bibliyaya çevrilməsinin birinci qütbü olur. Lakin formanın bu iki çevrilməsindən hər biri əmtəə və pulun mübadiləsi yolu ilə, bir-birinin yerini tutması yolu ilə əmələ gəlir. Eyni pul əmtəənin özgəninkiləşdirilmiş surəti olaraq satıcının əlinə gəlir və əmtəənin qəti özgəninkiləşdirilən surəti olaraq satıcını tərk edir. Bu pul-öz yerini iki dəfə dəyişir. Kətanın birinci metamorfozu bu pulu toxucunun cibinə gətirir, ikincisi isə pulu yenidən oradan çıxarır. Beləliklə, eyni bir əmtəənin formasının bir-birinə əks istiqamətdə iki dəfə dəyişilməsi pulun əks istiqamətdə iki dəfə öz yerini dəyişdirməsində əks olunur.
Əksinə, yalnız birtərəfli əmtəə metamorfozları olduqda–istər sadəcə alqı, istərsə sadəcə satqı əməliyyatları olsun, fərqi yoxdur–eyni pul öz yerini ancaq bir dəfə dəyişir. Pulun ikinci yerdəyişməsi həmişə əmtəənin ikinci metamorfozunu, onun puldan geri dönməsini ifadə edir. Eyni pulun yerdəyişmələrinin tez-tez təkrarlanmasında nəinki ayrıca bir əmtəənin metamorfozları sırası, habelə ümumiyyətlə bütün əmtəə aləminin saysız-hesabsız metamorfozlarının çulğaşması ifadə olunur. Həm də özlüyündə aydındır ki, bunların hamısı ancaq burada nəzərdən keçirdiyimiz sadə əmtəə tədavülü formasına aiddir.
Hər bir əmtəə tədavül prosesində ilk addım atdıqda, öz formasını lap ilk dəfə dəyişərkən tədavül dairəsindən çıxır və onun yerinə buraya daim yeni bir əmtəə daxil olur. Əksinə, tədavül vasitəsi olmaq etibarı ilə pul daim tədavül dairəsində qalır, daim burada vurnuxur. Buradan belə bir sual meydana çıxır ki, bu dairə arasıkəsilmədən nə qədər pul qəbul edə bilər.
Hər bir ölkədə hər gün eyni zamanda çoxlu və deməli, məkanca yanaşı olan birtərəfli əmtəə metamorfozları baş verir və ya başqa sözlə, bir tərəfdən təkcə satqılar, digər tərəfdən təkcə alqılar baş verir. Öz qiymətləri cəhətdən əmtəələr fikrən təsəvvür edilən müəyyən pul miqdarlarına bərabərləşmiş olur. Burada nəzərdən keçirilən bilavasitə tədavül forması həmişə əmtəə ilə pulu cismani şəkildə bir-birinə qarşı qoyduğuna görə–əmtəə satqı qütbündə, pul isə buna əks olan alqı qütbündə durduğuna görə, – əmtəələrin tədavülü prosesi üçün lazım gələn tədavül vasitələri kütləsini həmin əmtəələrin qiymətlərinin məcmusu artıq müəyyən etmiş olur. Doğrudan da pul ancaq, əmtəələrin qiymətləri məbləğində artıq ideal surətdə ifadə edilmiş qızıl məbləğini real surətdə təmsil edir. Deməli, bu məbləğlərin bərabərliyi özlüyündə aydındır. Lakin biz bilirik ki, əmtəələrin dəyəri sabit qaldıqda, qızılın (pul materialının) öz dəyəri dəyişdikcə, əmtəələrin qiyməti dəyişilir: qızılın dəyəri düşdükdə, əmtəələrin qiyməti mütənasib surətdə qalxır və qızılın dəyəri qalxdıqda, əmtəələrin qiyməti əksinə, mütənasib surətdə düşür. Əmtəə qiymətləri məbləğinin belə qalxması və ya düşməsi ilə bərabər, tədavüldə olan pul kütləsi də eyni proporsiyada çoxalmalı və ya azalmalıdır. Hər halda burada tədavül vasitələri kütləsinin dəyişilməsinə səbəb pul özüdür, lakin öz tədavül vasitəsi funksiyasında deyil, öz dəyər ölçüsü funksiyasında. Əvvəlcə əmtəələrin qiyməti pulun dəyərinin dəyişilməsinə əks nisbətdə dəyişilir, sonra isə tədavül vasitələri kütləsi əmtəələrin qiymətinin dəyişilməsinə düz nisbətdə dəyişilir. Məsələn, qızılın dəyəri düşməyib, dəyər ölçüsü olmaq etibarı ilə onu gümüş əvəz etsəydi, yaxud əksinə, gümüşün dəyəri yüksəlməyib, qızıl gümüşü dəyər ölçüsü funksiyasından sıxışdırıb çıxarsaydı, yenə tamamilə eyni hal baş verərdi. Birinci halda tədavüldə olmuş qızıla nisbətən daha çox gümüş tədavül etməli idi, ikinci halda əvvəllər tədavüldə olmuş gümüşə nisbətən daha az qızıl tədavül etməli idi. Hər iki halda pul materialının, yəni dəyər ölçüsü funksiyası daşıyan əmtəənin dəyəri dəyişilərdi, buna görə əmtəə dəyərlərinin qiymətlərdəki ifadəsi də dəyişilərdi, deməli, tədavül edən və bu qiymətlərin reallaşdırılmasına xidmət göstərən pulun kütləsi də dəyişilərdi. Biz artıq gördük ki, əmtəə tədavülü dairəsində – açıq bir yol vardır və qızıl (gümüş və ümumiyyətlə pul materialı) müəyyən dəyərə malik bir əmtəə şəklində bu yoldan oraya keçir. Bu dəyərin mövcud olması hələ pulun bir dəyər ölçüsü funksiyası daşıdığı zamandan, yəni qiymətlərin müəyyən olunduğu zamandan nəzərdə tutulur. Məsələn, dəyər ölçüsünün öz dəyəri düşürsə, bu, hər şeydən əvvəl, nəcib metalın bilavasitə istehsal edildiyi yerlərdə ona bir əmtəə kimi mübadilə olunan əmtəələrin qiymətinin dəyişilməsində təzahür edir. Lakin başqa əmtəələrin xeyli hissəsi, xüsusilə burjua cəmiyyətinin aşağı inkişaf pillələrində hələ uzun müddət dəyər ölçüsünün artıq xəyali olan, köhnəlmiş dəyərində qiymətləndirilir. Bununla belə, əmtəələr bir-biri ilə dəyər münasibətlərinə girdikcə, bir əmtəə başqasına təsir edir, beləliklə də əmtəələrin qızıl və ya gümüş qiymətləri əmtəələrin öz dəyərləri ilə müəyyən olunan proporsiyalara uyğun surətdə yavaş-yavaş tənləşir və, nəhayət, bütün əmtəə dəyərləri pul metalının yeni dəyərinə uyğun surətdə qiymətləndirilir. Bu tənləşmə prosesində, əmtəələr bilavasitə nəcib metallara mübadilə olunduqca axıb gələn nəcib metalların miqdarı arasıkəsilmədən artır. Buna görə də islah olunmuş bu yeni qiymətlər əmtəələr arasında hansı dərəcədə yayılırsa və ya hansı dərəcədə əmtəələrin dəyərləri metalın aşağı düşmüş və müəyyən nöqtəyədək düşməkdə davam edən bu yeni dəyərində qiymətləndirilirsə, bu yeni qiymətlərin reallaşması üçün lazım gələn əlavə nəcib metal kütləsi də o dərəcədə meydanda mövcud olur. Yeni qızıl və gümüş mədənləri kəşf edildikdən sonra baş verən faktların birtərəfli müşahidə edilməsi XVII əsrdə və xüsusən XVIII əsrdə belə bir yanlış nəticəyə gətirib çıxarmışdı ki, guya əmtəə qiymətlərinin artmasına səbəb, çox miqdar qızıl və gümüşün tədavül vasitəsi vəzifəsini daşımağa başlaması olmuşdu. Bundan sonra biz qızılın dəyərini məlum bir kəmiyyət hesab edəcəyik, zira qiymətlər müəyyənləşdiyi zaman qızılın dəyəri doğrudan da belə bir kəmiyyət olur.
Deməli, belə fərz etdikdə, tədavül vasitələri kütləsi reallaşmalı olan əmtəə qiymətlərinin məbləği ilə müəyyən edilir. Daha sonra biz fərz etsək ki, hər bir əmtəə növünün qiyməti məlumdur, onda əmtəə qiymətlərinin məbləği, yəqin ki, tədavüldə olan əmtəələrin miqdarından asılı olacaqdır. Doğrudan da çox baş sındırmadan da anlamaq olar ki, əgər 1 kvarter buğda 2 funt sterlinq dəyərindədirsə, onda 100 kvarter buğda 200 funt sterlinq, 200 kvarter buğda 400 funt sterlinq dəyərində olacaq və i. a., deməli, buğdanın kütləsi artdıqca, bu buğda satılarkən onunla yerini dəyişən pul kütləsi də artmalıdır.
Əgər biz fərz etsək ki, əmtəələrin kütləsi məlumdur, onda tədavüldə olan pulun kütləsi də əmtəə qiymətlərinin qalxıb düşməsi ilə birlikdə artıb əskiləcəkdir. Tədavüldəki pulun kütləsi, qiymətlər kəmiyyətinin dəyişilməsi nəticəsində əmtəə qiymətləri məbləğinin qalxması və ya düşməsindən asılı olaraq artır və əskilir. Burada bütün əmtəə qiymətlərinin eyni zamanda qalxması və ya düşməsi məcburi deyildir. Tədavüldə olan bütün əmtəələrin reallaşmalı olan qiymətləri məbləğini nəzərə çarpacaq dərəcədə qaldırmaq və ya salmaq üçün və, deməli, tədavül dairəsinə daha çox və ya daha az pul cəlb etmək üçün bir halda müəyyən miqdar başlıca əmtəələrin qiymətinin qalxması, başqa halda isə onların qiymətinin düşməsi kifayətdir. Əmtəələrin qiymətlərinin dəyişilməsi istər əmtəələrin dəyərinin həqiqətən dəyişildiyini əks etdirsin, istərsə ancaq bazarda qiymətlərin qalxıb-düşməsindən ibarət olsun, hər iki halda tədavül vasitələri kütləsinə onun təsiri eynidir.
Tutaq ki, bir-biri ilə bağlı olmayan, eyni zamanda baş verən və deməli, məkanca yanaşı olan müəyyən miqdar satqı və ya natamam metamorfoz vardır, məsələn, 1 kvarter buğdanın, 20 arşın kətanın, 1 bibliyanın, 4 qallon arağın natamam metamorfozu vardır. Əgər bu əmtəələrdən hər birinin qiyməti 2 f. st., deməli, reallaşmalı qiymətlərin məbləği 8 f. st. olarsa, onda tədavülə 8 funt sterlinqə bərabər pul kütləsi daxil olmalıdır. Lakin həmin əmtəələr yuxarıda tədqiq etdiyimiz metamorfozlar sırasının: 1 kvarter buğda–2 f. st.–20 arşın kətan–2 f. st.– 1 bibliya–2 f. st, – 4 qallon araq–2 f. st. sırasının halqalarıdırsa, onda eyni 2 f. st. bütün bu əmtəələri bir-birinin ardınca tədavül etdirib onların qiymətlərini ardıcıl surətdə reallaşdırır, – deməli bu 2 f. st. 8 f. st. məbləğində qiyməti reallaşdırır və axırda araqçəkənin əlində yatıb qalır. Bu 2 f. st. dörd dəfə dövr edir. Eyni pulun bu təkrar yerdəyişməsi əmtəə formasının iki dəfə dəyişilməsini, əmtəənin tədavüldə bir-birinə əks olan iki mərhələdən keçməsini və eyni zamanda müxtəlif əmtəələrin metamorfozlarının qovuşmasını ifadə edir[68 - "Məhz məhsullar onu (pulu) hərəkətə gətirib tədavül etdirir… "Onun" (pulun) „hərəkət sürəti onun miqdarını əvəz edir. Pula ehtiyac olduqda, o bir dəqiqə də dayanmadan əldən-ələ keçir". (Le Trosne, sitat gətirilən əsər, səh. 915, 916).]. Bu prosesin bir-birinə əks olan və bir-birini tamamlayan fazaları məkan etibarı ilə yanaşı baş verə bilməz, lakin zaman etibarı ilə bir-birinin ardınca gəlməlidir. Buna görə də müəyyən zaman müddətləri həmin fazaların davam etdiyi müddətlə ölçülür, yəni pulun tədavül sürəti eyni pul vahidlərinin müəyyən zaman ərzindəki dövrlərinin sayı ilə ölçülür. Tutaq ki, yuxarıda göstərilən dörd əmtəənin tədavül prosesi, məsələn, bir gün davam etmişdir. Onda reallaşdırılası qiymətlərin məbləği = 8 f. st., bir gün ərzində eyni pul vahidlərinin dövrləri sayı–4, tədavüldə olan pul kütləsi–2 f. st. olar. Beləliklə, müəyyən müddət ərzində tədavül prosesi üçün:
əmtəələrin qiymətləri məbləği / eyni adlı pul vahidləri dövrlərinin sayı = tədavül vasitələri
vəzifəsi daşıyan pul kütləsinə. Bu qanun ümumi bir əhəmiyyətə malikdir. Müəyyən müddət ərzində hər bir ölkənin tədavül prosesi, bir tərəfdən, eyni zamanda, məkan etibarı ilə yanaşı baş verən bir çox dağınıq satqı (müvafiq surətdə alqı) əməliyyatlarını, yaxud natamam metamorfozları əhatə edir və burada eyni pul öz yerini bircə dəfə dəyişir, yaxud bircə dəfə dövr edir; digər tərəfdən, həmin proses qismən paralel baş verən, qismən bir-biri ilə çulğaşan, halqaların az və ya çox zəngin olan bir çox metamorfoz sıralarının məcmusunu əhatə edir və burada eyni bir pul az və ya çox əhəmiyyətli miqdar dövr edir. Lakin tədavüldə olan bütün eyni adlı pul vahidləri dövrlərinin ümumi sayı ayrıca bir vahidin dövrlərinin orta sayını, yaxud pul tədavülünün orta sürətini göstərir. Məsələn, gündəlik tədavül prosesinin əvvəlində tədavülə daxil olan pul kütləsi, əlbəttə, eyni zamanda və məkanca bir-biri ilə yanaşı tədavül edən əmtəələrin qiymətləri məbləği ilə müəyyən edilir. Lakin proses daxilində hər bir pul vahidi bütün qalanları üçün, necə deyərlər, məsuliyyət daşıyır. Bunlardan biri öz tədavül sürətini artırırsa, bununla da başqasının tədavül sürətini azaldır, həm də bu axırıncısı tədavül dairəsindən tamamilə çıxa bilər, çünki bu dairə ancaq o qədər qızıl qəbul edə bilər ki, bu miqdar qızıl özünün ayrı-ayrı ünsürlərinin dövrlərinin orta sayına vurulduqda, reallaşması lazım gələn qiymətlərin məbləğinə bərabərdir. Buna görə də pulun dövrlərinin sayı artırsa, tədavüldə olan pulun kütləsi azalır. Pulun dövrlərinin sayı azalırsa, onun kütləsi artır. Tədavül vasitəsi vəzifəsi daşıya bilən pulun kütləsi müəyyən orta tədavül sürəti şəraitində məlum olduğuna görə, tədavülə müəyyən miqdar kağız pul, məsələn, bir funtluq kağız pul buraxmaqla oradan eyni miqdar qızıl soveren götürmək olar, – bu da bütün banklara yaxşıca məlum olan bir fənddir.
Əgər ümumiyyətlə pul tədavülündə ancaq əmtəələrin tədavül prosesi, yəni onların bir-birinə əks metamorfozlar yolu ilə dövranı təzahür edirsə, pulun tədavül sürətində əmtəə formalarının bir-birini əvəz etməsi sürəti, bir metamorfozlar sırasının başqaları ilə arası kəsilmədən çulğaşması, bu maddələr mübadiləsinin sürəti, tədavül dairəsindən əmtəələrin sürətlə qeyb olması və bunları yeni əmtəələrin eyni sürətlə əvəz etməsi təzahür edir. Beləliklə, pul tədavülünün sürətində bir-birinə əks olan və bir-birini tamamlayan fazaların dəyişkən vəhdəti meydana çıxır–əmtəənin istehlak formasının dəyər surətinə çevrilməsi və dəyər surətinin də dönüb istehlak formasına çevrilməsi, yəni hər iki prosesin: satqı ilə alqının vəhdəti meydana çıxır. Əksinə, pul tədavülünün yavaşımasında bu proseslərin bölünüb bir-birinə əks olan iki qütbə ayrılması, yəni formalar çevrilməsinin və, deməli, maddələr mübadiləsinin dayanması özünü göstərir. Əlbəttə, tədavülün özündən görmək olmaz ki, onun dayanması haradan irəli gəlir. Tədavül bu hadisənin mövcud olmasının özünü ancaq aşkara çıxarır. Pul tədavülü yavaşıdıqda, tədavülün ucqarlarındakı bütün nöqtələrdə pulun get-gedə daha gec-gec meydana çıxmağa və qeyb olmağa başlaması faktı, adi baxışa görə, tədavül vasitələrinin kifayət qədər olmaması ilə izah edilir.[69 - "Pul… alqı və satqı üçün ümumi ölçü olduğuna görə satılmalı bir şeyi olub alıcı tapmayan hər bir adam zənn edir ki, ölkədə pul çatışmaması üzündən o öz əmtəələrini sata bilmir; buna görə də hər yerdə pul çatışmamasından şikayətlər eşidilir. Lakin bu böyük bir səhvdir… Pul çatışmamasından şikayətlənən adamlara nə lazımdır? Fermer şikayətlənir… o güman edir ki, ölkədə pul çox olsaydı, öz məhsullarını yaxşı qiymətə sata bilərdi. Deməli, ona pul lazım deyildir, satmaq istədiyi, lakin sata bilmədiyi taxıl və mal-qarasına yaxşı qiymət lazımdır… Bəs nəyə görə o bunları yaxşı qiymətə sata bilmir?.. 1) Ya ona görə ki, ölkədə həddindən çox taxıl və mal-qara vardır, buna görə də bazara gələn adamların çoxunun onun kimi bu məhsulları satmağa ehtiyacı vardır və ancaq az bir hissəsinin bu məhsulları almağa ehtiyacı vardır. 2) Ya ona görə ki, bu məhsulların adi ixracı azalmışdır… 3) Ya da ona görə ki, istehlak azalmışdır, bu da o hallarda olur ki, adamlar yoxsulluq üzündən öz yaşayışlarına əvvəlkindən az xərcləyirlər. Deməli, fermerə öz əmtəələrini satmaqda cingiltili pulun miqdarının artması deyil, bazarda həqiqətən kasadlıq doğuran bu üç səbəbin aradan qalxması kömək edə bilər. Tacir və dükançının da eynilə bu mənada pula ehtiyacı var, yəni onların öz əmtəələrini satmağa ehtiyacları vardır, bu da bazarda tələbin aşağı düşməsi nəticəsidir. Millət o zaman ən yaxşı tərəqqi edir ki, sərvətlər arası kəsilmədən əldən-ələ keçsin". (Sir Dudley North. "Discourses upon Trade. London, 1691, p. 11 – 15 passim). Herrenşvandın bütün fırıldaqçı uydurmaları ondan ibarətdir ki, əmtəənin öz təbiətindən doğan və buna görə də əmtəələrin tədavülündə meydana çıxan ziddiyyətləri guya tədavül vasitələrinin miqdarını artırmaqla aradan qaldırmaq olarmış. Lakin istehsal və tədavül prosesindəki dayanma hallarını tədavül vasitələrinin çatışmaması ilə izah etmək ancaq arada gəzən yanlış fikirlərdirsə, bu heç də o demək deyildir ki, məsələn, "regulatin of currency" ["tədavül vasitələrinin tənzimi"] sahəsindəki rəsmi hiylələr üzündən tədavül vasitələrinin həqiqətən çatışmaması özü də dayanma halları doğura bilməz.]
Beləliklə, hər bir müəyyən zaman ərzində tədavül vasitələri vəzifəsi daşıyan pulun ümumi miqdarı, bir tərəfdən tədavüldə olan bütün əmtəələrin qiymətlərinin məbləği ilə, digər tərəfdən də, bir-birinə əks istiqamətdə olan əmtəə tədavülü proseslərinin çox və ya azsürətli olması ilə müəyyən edilir, bundan da belə bir cəhət asılıdır ki, qiymətlərin ümumi məbləğindən hansı hissəsi eyni pul vahidinin köməyi ilə reallaşa bilər. Lakin əmtəə qiymətlərinin bu məbləğinin özü hər bir ayrıca əmtəə növünün həm kütləsindən, həm də qiymətindən asılıdır. Bu üç amil: qiymətlərin hərəkəti, tədavüldə olan əmtəələrin kütləsi və pulun tədavül sürəti müxtəlif istiqamətlərdə və müxtəlif proporsiyalarda dəyişilə bilər; buna görə də reallaşmalı olan qiymətlər məbləği və, deməli, ondan asılı olan tədavül vasitələri kütləsi də bir çox kombinasiyaya uğraya bilər. Biz burada ancaq, əmtəə qiymətləri tarixində ən mühüm rol oynayan kombinasiyanı qeyd edəcəyik.
Əmtəə qiymətləri sabit qaldıqda, tədavüldəki əmtəələrin kütləsi artırsa və ya pulun tədavül sürəti azalırsa, ya da bu hər iki hal birlikdə baş verirsə, tədavül vasitələri kütləsi arta bilər. Əksinə, əmtəə kütləsi azalırsa və ya pulun tədavül sürəti artırsa, tədavül vasitələri kütləsi azala bilər.
Bütün əmtəə qiymətləri qalxdıqda, tədavüldəki əmtəələrin kütləsi bunların qiymətlərinin artdığı nisbətdə azalırsa və ya pulun tədavül sürəti qiymətlərin artmasına mütənasib olaraq artırsa, həm də tədavüldəki əmtəələrin kütləsi sabit qalırsa, tədavül vasitələri kütləsi sabit qala bilər. Əmtəə kütləsi azalırsa və ya tədavül sürəti qiymətlərdən daha tez artırsa, tədavül vasitələri kütləsi azala bilər.
Bütün əmtəə qiymətləri düşdükdə, əmtəələrin kütləsi bunların qiymətlərinin düşdüyü nisbətdə artırsa və ya pulun tədavül sürəti qiymətlərlə eyni nisbətdə azalırsa, tədavül vasitələri kütləsi sabit qala bilər. Əmtəə kütləsi artırsa və ya tədavül sürəti əmtəə qiymətlərinin düşməsindən daha tez azalırsa, tədavül vasitələri kütləsi arta bilər.
Müxtəlif amillərin variasiyaları bir-birini elə əvəzləyib tamamlaya bilər ki, bunların daim dəyişilməsinə baxmayaraq, reallaşmalı olan əmtəə qiymətlərinin ümumi məbləği sabit qalır, odur ki, tədavüldəki pul kütləsi də sabit qalır. Buna görə də hər bir müəyyən ölkədə tədavüldə olan pulun kütləsi, bilxassə nisbətən uzun dövrlər nəzərdən keçirilərkən, ilk baxışda gözlənilə biləcəyindən xeyli çox sabit bir orta səviyyədə olur və bu orta səviyyədən xeyli az uzaqlaşır; sənaye və ticarət böhranlarının, daha az hallarda isə pulun öz dəyərindəki dəyişilmələrin törətdiyi güclü sarsıntı dövrləri istisna təşkil edir.
Tədavül vasitələri miqdarının tədavüldəki əmtəələrin qiymətlərinin məbləği ilə və pul tədavülünün orta sürəti ilə müəyyən edildiyini göstərən qanun[70 - "Millətin ticarəti üçün müəyyən miqdarda və ya proporsiyada pul tələb olunur: buna nisbətən pulun çox və ya az miqdarı ticarətə zərər vura bilərdi. Gümüş sikkəni xırdalamaq üçün və ya ən xırda gümüş sikkələr vasitəsi ilə icra edilə bilməyən tədiyyələri yerinə yetirmək üçün xırda pərakəndə alverdə müəyyən miqdar fartinq lazım olduğu kimi… Alver üçün lazım olan fartinqlərin sayı əhalinin sayı ilə, əhalinin mübadilə sövdələrinin nə qədər tez-tez baş verməsi və başlıca olaraq, ən xırda gümüş sikkənin dəyəri ilə müəyyən edildiyi kimi, alver üçün lazım olan pulun (qızıl və gümüş pulun miqdarı da mübadilə əməliyyatlarının nə qədər tez-tez baş verməsindən və tədiyyələrin həcmindən asılıdır”. (William Petty. "A Treatise of Taxes and Contributions". London, 1667, p. 17), A. Yunq öz " Political Arithmetic" əsərində (London, 1774) Yumun nəzəriyyəsini C. Stüarta və başqalarına qarşı müdafiə edir, bu əsərdə həmin nəzəriyyəyə xüsusi bir fəsil həsr edilmişdir: "Qiymətlər pulun miqdarından asılıdır", səh. 112 və sonrakılar. Mən „Siyasi iqtisadın tənqidinə dair“ əsərimdə, səh. 149 [bax: K. Marks, F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 149], belə bir qeyd etmişəm: O, (A. Smit) pulu tamamilə yanlış surətdə sadə əmtəə hesab edərək, tədavüldə olan sikkənin miqdarı məsələsini dinməzcə aradan qaldırır". Bu sözlər A. Smitin əsərinin ancaq o yerlərinə aiddir ki, orada pulu ex officio [xüsusi olaraq] nəzərdən keçirir. O bəzi ayrı-ayrı hallarda, məsələn keçmiş siyasi iqtisad sistemlərini tənqid edərkən, düzgün fikir söyləyir: "Hər bir ölkədə cingiltili sikkənin miqdarı orada tədavüldə olan əmtəələrin dəyəri ilə müəyyən edilir… Müəyyən ölkədə il ərzində alınıb-satılan əmtəələrin dəyəri bunların tədavülü və müvafiq istehlakçılar arasında bölünməsi üçün müəyyən miqdar pul tələb edir və bundan artıq miqdarda pulun tətbiqinə imkan verə bilməz. Tədavül kanalları labüd surətdə bunların dolması üçün kifayət edəcək qədər bir məbləği qəbul edir və heç vaxt bundan artıq miqdar pul götürə bilmir". ("Wealth of Nations", b IV, ch. 1). A. Smit öz əsərini də əmək bölgüsü haqqında ex officio mədhiyyə ilə başlayır, dövlət gəlirinin mənbələrindən bəhs edən və əmək bölgüsü məsələsini ancaq ötəri nəzərdən keçirdiyi son kitabında isə əmək bölgüsü haqqında öz müəllimi A. Ferküsonun tənqidini təkrar edir.] bu şəkildə də ifadə edilə bilər: əmtəələrin dəyər məbləği məlum olduqda və onların metamorfozlarının orta sürəti məlum olduqda, tədavüldə olan pulun və ya pul materialının miqdarı bu materialın öz dəyərindən asılıdır. Belə bir illüziya vardır ki, guya məsələ məhz əksinədir, guya əmtəə qiymətlərini tədavül vasitələri kütləsi müəyyən edir, tədavül vasitələri kütləsini isə həmin ölkədə olan pul materialı kütləsi müəyyən edir[71 - "Xalq arasında tədavüldə olan qızıl və gümüşün miqdarı artdıqca, hər millətin əmtəələrinin qiymətləri, əlbəttə, artmalıdır; deməli bu millətin malik olduğu qızıl və gümüşün miqdarı azalırsa, qiymətlər də pulun miqdarının belə azalmasına proporsional surətdə düşməlidir". (Jacob Vanderlini. "Money answers all Things", London, 1734, p. 5) Vanderlintin əsəri ilə Yumun "Essays" əsərini daha yaxından müqayisə etdikdə, heç bir şübhəm qalmadı ki, Yum Vanderlintin ümumiyyətlə çox əhəmiyyətli olan bu əsərinə bələd imiş və ondan istifadə etmişdir. Qiymətləri guya tədavül vasitələri kütləsinin müəyyən etməsi baxışına Barbonda və daha əvvəlki müəlliflərdə də təsadüf olunur. Vanderlint deyir: „Qeyri-məhdud ticarətdən heç bir əngəl doğa bilməz, onun ancaq böyük üstünlükləri ola bilər, zira ticarət azadlığının təsiri altında bir millətin nağd pulu azalarsa, –bunun da qarşısını qadağan vasitəsi ilə almaq istəyirlər, – onda pul hansı millətlərin əlinə axıb gedirsə, həmin millətlər içərisində bütün qiymətlər labüd surətdə artmalıdır, çünki pul kütləsi artır. Manufaktura istehsalımızda hazırlanan şeylərin və hər cür başqa əmtəələrin qiyməti tezliklə o dərəcədə düşər ki, ticarət balansı bizim üçün faydalı olar və beləliklə də pul geri qayıdar”. (sitat gətirilən əsər, səh. 43, 44).]; bu illüziyanın kökü onun ilk nümayəndələrində belə mənasız bir hipotezdədir ki, əmtəələr tədavül prosesinə qiymətsiz, pul isə dəyərsiz daxil olur və sonra bu prosesdə əmtəə həlməşiyinin müəyyən hissəsi metal qalağının müvafiq hissəsinə mübadilə olunur[72 - Özlüyündə aydındır ki, hər bir ayrıca əmtəə növünün qiyməti tədavül edən bütün əmtəələrin qiymətləri məbləğinin bir ünsürünü təşkil edir. Lakin heç başa düşmək olmur ki, bir-biri ilə ortaq ölçüsü olmayan istehlak dəyərlərinin ümumi kütləsi həmin ölkədə olan qızıl və gümüş kütləsinə necə mübadilə oluna bilər. Əgər biz xəyal aləmində qanad çalıb əmtəə aləmini yeganə bir məcmu əmtəə, hər bir ayrıca əmtəəni isə onun müvafiq hissəsi kimi təsəvvür etsək, onda biz maraqlı tənlik alarıq; məcmu əmtəə = x sentner qızıla, A əmtəə məcmu əmtəənin müəyyən hissəsinə = x sentner qızılın belə bir hissəsinə. Monteskyö hərfiyyən belə də deyir: "Əgər biz dünyada olan bütün qızıl və gümüş kütləsinə dünyada olan bütün əmtəələrin məcmusunu qarşı qoysaq, bizim üçün aydın olar ki, bu məhsullardan və ya əmtəələrdən hər birinə bütün qızıl və gümüş kütləsinin müəyyən hissəsi uyğun gəlir… Fərz edək ki, dünyada məhsulların və ya əmtəənin təkcə bir növü vardır və ya satılan bircə növ vardır və bu da pul kimi bölünür. Bu əmtəənin müəyyən hissəsi bütün pul kütləsinin müəyyən hissəsinə uyğun olar: bütün əmtəənin yarısı bütün pulun yarısına uyğun olar və i. a… şeylərin qiymətlərinin müəyyən edilməsi həmişə öz əsası etibarı ilə şeylərin məcmusu ilə nişanların məcmusu arasındakı nisbətdən asılıdır". Bu nəzəriyyəni Rikardo ilə onun şagirdlərindən Cems Mill, Lord Overston və başqalarının daha da inkişaf etdirməsi barəsində bax: "Siyasi iqtisadın tənqidinə dair", səh. 140–146 və səh. 150 və sonrakılar [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 140–146, 149 və sonrakılar]. C-b Con Stüart Mill özünəməxsus eklektik məntiqlə eyni zamanda həm öz atası Cems Millin baxışlarını, həm də tamamilə əks baxışları əsas tutur. Məsələn, onun "Prinsiples of political Economy" əsərinin mətni ilə özünü müasir A. Smit kimi qələmə verdiyi müqəddiməsini (1-ci nəşrə müqəddiməni) müqayisə etdikdə, bilmirsən nəyə daha çox təəccüb edəsən: bu adamın sadəlövhlüyünəmi, yoxsa onun sözünə inanıb onu A. Smit hesab edən camaatın sadəlövhlüyünə; halbuki onunla A. Smit arasında da təqribən general Uilyams Kars Karslı ilə hersoq Vellinqton arasındakı qədər bir nisbət vardır. C-b Con Stüart Millin siyasi iqtisad sahəsində nə genişliyi, nə də məzmunluluğu ilə fərqlənməyən bütün öz tədqiqatı onun 1844-cü ildə çapdan çıxan "Some Unsettled Questions of Political Economy" adlı kitabçasına yerləşmişdir. Lokk açıqca deyir: "qızıl və gümüşdə dəyər olmaması bununla əlaqədardır ki, onların dəyəri onların miqdarı ilə müəyyən olunur. "İnsanlar bu razılığa gəlmişlər ki, qızıl və gümüşə xəyali bir dəyər versinlər… bu metalların daxili dəyəri miqdardan başqa bir şey deyildir”.].
c) SİKKƏ. DƏYƏR NİŞANI
Pulun tədavül vasitəsi funksiyasından onun sikkə forması meydana gəlir. Qiymətdə və ya əmtəələrin pul adında fikrən təsəvvür edilən müəyyən çəkili qızıl hissəsi tədavül prosesində bu əmtəələrin qarşısına eyni adlı bir qızıl parçası və ya sikkə şəklində çıxmalıdır. Qiymət miqyasının müəyyən edilməsi kimi, sikkə kəsilməsi də dövlətin əlinə keçir. Qızıl və gümüşün sikkə olaraq geydiyi və dünya bazarına gələrkən yenidən çıxardığı müxtəlif milli libaslarda, daxili və ya milli əmtəə tədavülü dairəsi ilə ümumi dünya bazarı dairəsi arasındakı bölgü meydana çıxır.
Deməli, qızıl sikkəsi ilə qızıl külçəsi bir-birindən ancaq görkəminə görə fərqlənir və qızılı daim bir formadan digərinə çevirmək olar[73 - Özlüyündə aydındır ki, sikkə gömrüyü və s. kimi təfərrüatı nəzərdən keçirmək mənim vəzifəmə əsla daxil deyildir. "Müftə" sikkə kəsən İngiltərə hökumətinin "alicənab səxavətinə" valeh olan xəyalpərəst sikofant Adam Müllerə gəldikdə, ona ser Dadli Norsun bu sözlərini qarşı qoymaq kifayətdir: "Başqa əmtəələr kimi, gümüş və qızıl da gah axıb gəlir, gah da axıb gedir. İspaniyadan müəyyən miqdar gümüş alındıqdan sonra… bu gümüş Tauerə göndərilib orada sikkə kəsilir. Bundan az sonra ixrac üçün qızıl və ya gümüş külçəsinə yeni tələb yarana bilər. Bütün metal külçəsi sikkə kəsilməyə işləndiyinə görə metal külçəsi qalmasa, onda nə etməli? Aydındır ki, yenidən sikkəni əritmək lazım gələcəkdir; bu zərərli olmayacaqdır. Axı sikkə kəsilməsi metal sahiblərinə müftə başa gəlir. Ancaq millət zərər çəkir və öz pulunu havaya sovurmalı olur. Əgər tacir (Nors özü II Karl zamanının ən böyük tacirlərindən biri idi) „sikkə kəsilməsi üçün gömrük verməli olsaydı, ciddi əsas olmadan öz gümüşünü Tauerə göndərməzdi və bu halda kəsilən sikkə gümüş külçəsindən şübhəsiz yüksək dəyərə malik olardı". (North, sitat gətirilən əsər, səh. 18).]. Sikkəxanadan çıxan qızılın tutduğu yol onu ən axırda aparıb əritmə putasına çıxarır. Ona görə ki, tədavüldə qızıl sikkələr sürtülüb yeyilir, həm də biri çox, biri az yeyilir. Qızıl sikkənin adı ilə onun qızıl substansiyasının miqdarı, onun nominal məzmunu ilə real məzmunu yavaş-yavaş bir-birinə uyğun gəlməməyə başlayır. Eyni adlı qızıl sikkələr müxtəlif dəyər kəsb edir, çünki indi onların çəkisi müxtəlif olur. Tədavül vasitəsi olan qızıl qiymət miqyası olan qızıldan uzaqlaşır və qiymətlərin reallaşdırdığı əmtəələrin gerçək ekvivalenti olmaqdan çıxır. Bu qarışıqlığın tarixi orta əsrlər və XVIII əsrədək yeni dövr ərzində sikkə işi tarixinin başlıca məzmununu təşkil edir. Tədavül prosesinin təbii meyli sikkənin qızıl varlığını zahiri qızıla çevirməyə, yəni sikkəni öz rəsmi metal məzmununun ancaq simvoluna çevirməyə olan bu təbii meyl hətta ən müasir qanunvericilikdə də qəbul edilmişdir: bu qanunvericilik müəyyən edir ki, metal nə dərəcədə itkiyə uğradıqda qızıl sikkə tədavül üçün yararsız olur, yəni sikkəlikdən çıxır.
Pul tədavülünün özü sikkənin real məzmununu nominal məzmunundan uzaqlaşdırırsa, onun metal varlığını onun funksional varlığından uzaqlaşdırırsa, bunda sikkə funksiyasında metal pulu başqa materialdan olan nişanlarla və ya sadəcə simvollarla əvəz etmək imkanı gizli halda vardır. Qızıl sikkəni gümüş və mis nişanların əvəz etməsi rolu tarixən, bir tərəfdən, qızıl və ya gümüşdən vəzncə tamamilə cüzi sikkələr kəsməyin texniki çətinlikləri ilə izah edilir və digər tərəfdən bununla izah edilir ki, aşağı metallar yüksək metallardan–gümüş qızıldan, mis də gümüşdən–əvvəl dəyər ölçüsü olmuş və deməli, daha nəcib metal onları taxtdan saldığı zaman onlar artıq tədavüldə pul vəzifəsi daşıyırmışlar. Onlar qızılı əmtəə tədavülünün elə sahələrində əvəz edirlər ki, burada sikkə çox böyük sürətlə dövr edir və, deməli, çox böyük sürətlə sürtülüb yeyilir, yəni elə sahələrində əvəz edirlər ki, burada alqı və satqı əməliyyatları çox kiçik miqyasda daim təkrar olunur. Qızılın bu cığırdaşlarının qızılın öz yerini tutmasına mane olmaq üçün bunların qızıl əvəzində hökmən qəbul edilməsindən ötrü qanunla ən aşağı tədiyyə hədləri müəyyən edilir. Müxtəlif növ sikkələrin tədavül etdiyi xüsusi dairələr, əlbəttə, bir-biri ilə çulğaşır. Qızılla yanaşı xırda sikkə qızıl sikkələrdən ən kiçiyinin hissələrini ödəmək üçün meydana çıxır; qızıl daim pərakəndə tədavülə daxil olur və xırda sikkəyə dəyişilmək yolu ilə eyni dərəcədə daimi surətdə oradan kənara atılır[74 - Gümüş həmişə ancaq xırda tədiyyələr üçün lazım gəldiyi qədər olarsa, heç vaxt qaha iri tədiyyələr üçün kifayət edəcək miqdarda yığıla bilməz… Qızılın iri tədiyyələrdə işlədilməsi onun hökmən xırda alverdə də işlədilməsinə gətirib çıxarır: qızıl sikkəsi olanlar xırda şeylər aldıqda, qızıl sikkə verir və aldığı əmtəə ilə birlikdə qızıl sikkənin artığını gümüş pulla alır; beləliklə, əks təqdirdə xırda alverçidə yığılıb qala biləcək artıq gümüş onun əlindən çıxır və ümumi tədavüldə yayılır. Lakin xırda şeylər aldıqda pulunu qızıl xərcləmədən ödəmək üçün həmişə kifayət qədər gümüş olsaydı, xırla alverçi satdığı xırda şeylərin əvəzində ancaq gümüş alardı və gümüş labüd surətdə onun əlində toplanardı".].
Gümüş və mis nişanların metal məzmununu qanun öz istədiyi kimi təyin edir. Tədavüldə onlar qızıl sikkədən daha tez sürtülüb yeyilir. Buna görə də onların sikkə funksiyası felən öz çəkilərindən, yəni heç bir dəyərdən asılı olmur. Qızılın sikkə varlığı onun dəyər substansiyasından tamamilə ayrılır. Bunun sayəsində də nisbətən heç bir dəyəri olmayan şeylər–kağız parçaları qızıl əvəzində sikkə vəzifəsi daşımaq imkanı alır. Metal pul nişanlarında onların xalis simvolik xarakteri hələ müəyyən dərəcəyə qədər gizli qalır. Kağız pulda bu xarakter tamamilə aydın surətdə meydana çıxır. Gördüyümüz kimi, ce n'est que le premier pas qui coute [ancaq birinci addım çətindir].
Biz burada ancaq icbari məzənnəli dövlət kağız pullarını nəzərdə tuturuq. Bunlar bilavasitə metal tədavülündən meydana gəlir. Əksinə, kredit pulları elə şərtlər tələb edir ki, biz sadə əmtəə tədavülü çərçivəsində qaldıqca, bunlar bizə hələ əsla məlum deyildir. Ancaq ötəri qeyd edək ki, əsil mənada kağız pul, pulun tədavül vasitəçi funksiyasından irəli gəldiyi kimi, kredit pullarının da təbii kökünü pulun tədiyyə vasitəsi olmaq funksiyası təşkil edir[75 - Maliyyə mandarini Van Mao-in cəsarət edib göylər allahının kölgəsinə üstüörtülü şəkildə Çin dövlət əskinaslarını xırda banknotlara çevirmək məqsədi güdən bir layihə təqdim etmişdi. Buna görə əskinas komitəsinin 1854-cü il aprel hesabatında onun yaxşıca abrını almışdılar. Bu münasibətlə ona müvafiq qədər qarğı çubuğu vurulub vurulmadığı xəbər verilmir. Hesabatın axırında deyilir: „Komitə onun layihəsini diqqətlə ölçüb-biçdikdən sonra bu qərara gəldi ki, həmin layihədə hər şey tacirlərin xeyrinədir və taxt-tac üçün xeyirli heç bir şey yoxdur". Tədavül üzündən qızıl sikkələrin daim metalı itirməsi haqqında ingilis bankının direktorlarından biri lordlar palatasının komissiyası qarşısında verdiyi öz şahid ifadəsində ("bank qanunları" məsələsi barəsində) belə demişdir: "Hər il soverenlərin (siyasi suverenlər deyil, funt sterlinqin adı olan "sovereign" nəzərdə tutulur), yeni qrupu həddindən artıq yüngülləşir. Bunlardan il ərzində tam çəkili olaraq tədavül edənlər bu müddətdə sürtülmə nəticəsində öz çəkisindən o qədər itirir ki, gələn il tərəzinin gözünə atıldıqda əskik gəlir". (House of Lords' Committee, 1848, № 429).].
Üzərində öz pul adları, məsələn, 1 f. st., 5 funt sterlinq və i. a. yazılmış olan kağız pullar tədavül prosesinə dövlət tərəfindən kənardan daxil edilir. Onlar doğrudan da öz eyni adlı qızıl məbləğləri əvəzində tədavül etdiyinə görə, öz hərəkətində ancaq pul tədavülünün özünün qanunlarını əks etdirir. Kağız pulun spesifik tədavül qanunu onun ancaq qızıla nisbətindən, ancaq qızılın nümayəndəsi olmasından irəli gəlir. Bu qanun isə sadəcə ondan ibarətdir ki, buraxılan kağız pulun miqdarı, onun simvolik olaraq təmsil etdiyi qızılın (və ya gümüşün) həqiqətən tədavül edə biləcəyi miqdardan artıq olmamalıdır. Doğrudur, tədavül dairəsinin qəbul edə biləcəyi qızılın miqdarı daim dəyişilərək məlum orta səviyyədən gah yuxarı qalxır, gah da aşağı düşür. Lakin müəyyən ölkənin tədavül vasitələri kütləsi empirik surətdə təyin edilə biləcək müəyyən minimumdan heç zaman aşağı düşmür. Bu minimum kütlənin öz tərkib hissələrini daim dəyişdirməsi, yəni hər dəfə başqa qızıl hissələrindən tərtib olunması, əlbəttə, bu kütlənin həcminə və onun daim tədavül dairəsində olmasına əsla təsir etmir. Buna görə də həmin kütlə kağız simvollarla əvəz edilə bilər. Lakin bu gün biz bütün tədavül kanallarını tamamilə dolacağı dərəcədə kağız pulla doldursaq, sabah əmtəə tədavülündə hər hansı dəyişikliklər üzündən bu kanallar həddən artıq dolmuş ola bilər. Burada hər bir əndazə itib gedir. Lakin kağız pullar öz əndazəsini keçsə, yəni həqiqətən tədavüldə ola biləcək eyni adlı qızıl sikkələrin miqdarını ötüb keçsə, bütün bu pulların etibardan düşməsi təhlükəsi hələ bir yana dursun, onlar indi əmtəə aləmində ancaq, ümumiyyətlə təmsil edə biləcəkləri miqdar qızılın, yəni əmtəə aləminin immanent qanunlarının müəyyən etdiyi miqdar qızılın nümayəndəsi olar. Məsələn, kağız pulların müəyyən kütləsi öz adına görə 2 unsiya qızılı təmsil edib real surətdə isə 1 unsiya qızılı əvəz edirsə, o zaman felən 1 f. st. əvvəlki 1/4 unsiya qızıl əvəzinə 1/8 unsiya qızılın pul adı olur. Alınan nəticə tamamilə ona bənzər ki, öz qiymət ölçüsü funksiyası cəhətdən qızılda dəyişiklik baş versin. Əvvəllər 1 funt sterlinqə bərabər qiymətdə ifadə olunan dəyərlər indi 2 funt sterlinqə bərabər qiymətdə ifadə edilir.
Kağız pul qızılın nişanıdır, yaxud pul nişanıdır. Kağız pulun əmtəə dəyərlərinə nisbəti ondan ibarətdir ki, əmtəə dəyərləri kağızlarda hisslə qavranılacaq simvolik ifadə alan miqdar qızılda ideal surətdə ifadə olunur. Kağız pul ancaq müəyyən miqdar qızılı təmsil etdiyinə görə dəyər nişanıdır, hər bir başqa əmtəə miqdarı kimi, qızıl miqdarı da eyni zamanda dəyər miqdarıdır.[76 - 2-ci nəşrə qeyd. Pul məsələsindən yazan müəlliflərdən hətta ən yaxşılarının da pulun müxtəlif funksiyalarını nə qədər tutqun başa düşdüklərini, misal üçün, Fullartonun bu sözləri göstərir: «Bizim daxili ticarətimizdən bəhs edildikdə, adətən qızıl və gümüş sikkənin daşıdığı bütün pul funksiyalarını ancaq, qanunla müəyyən edilmiş fiktiv və şərti dəyərə malik dəyişdirilməyən kağız pul da eyni dərəcədə yerinə yetirə bilər. Bu, zənnimcə, heç kəsin inkar etməyəcəyi bir faktdır. Bu cür bir dəyər indi tam dəyərli sikkələrin ödədiyi tələbatı tamamilə ödəyə bilər və hətta dəyər və qiymət ölçüsü funksiyasını daşıya bilər, bu şərtlə ki, tədavülə buraxılan kağız pulun miqdarı lazımi həddən artıq olmasın". (Fullarion. "Regulation pf Currencies", 2 ed. London, 1845, p. 21). Deməli, pul əmtəəsi tədavüldə adi dəyər nişanı ilə əvəz oluna bildiyinə görə, o nə dəyər ölçüsü kimi, nə də qiymət miqyası kimi lazım deyilmiş!]
Nəhayət, sual olunur ki, nəyə görə qızılı onun heç bir öz dəyəri olmayan nişanları əvəz edə bilər? Lakin gördüyümüz kimi, ancaq ona görə əvəz edə bilər ki, qızıl öz sikkə və ya tədavül vasitəsi funksiyasında təcrid olunur, müstəqillik kəsb edir. Doğrudur, bu funksiyanın ayrılması ayrı-ayrı qızıl simgələrə aid deyildir, hərçənd bu hal sürtülüb yeyilmiş sikkələrin yenə də tədavüldə qalmasında özünü göstərir. Qızıl parçaları yalnız həqiqətən tədavül etdiyi müddətdə ancaq sikkə və ya ancaq tədavül vasitəsi olur. Lakin ayrı-ayrı qızıl sikkələrə aid olmayan şey kağız pulun əvəz edə biləcəyi minimum qızıl kütləsinə də aid edilə bilər. Bu kütlə daim tədavül dairəsində olur, arası kəsilmədən tədavül vasitəsi funksiyası daşıyır və buna görə də ancaq bu funksiyanın daşıyıcısı kimi mövcud olur. Deməli, bu kütlənin hərəkəti ancaq ondan ibarətdir ki, Ə–P–Ə şəklində olan əmtəə metamorfozunun bir-birinə əks prosesləri daim bir-birinə çevrilir, həm də burada əmtəənin öz dəyər surəti onun qarşısına ancaq bundan ötrü çıxır ki, dərhal yenidən yox olub getsin. Əmtəənin mübadilə dəyərinin müstəqil ifadəsi burada ancaq ötərgi bir haldır. Bunu dərhal başqa bir əmtəə əvəz edir. Buna görə də pulun əldən-ələ keçdiyi prosesdə pulun xalis simvolik surətdə mövcud olması kifayətdir. Pulun funksional varlığı onun maddi varlığını, necə deyərlər, özünə hopdurur. Əmtəə qiymətlərinin ötərgi obyektivləşdirilmiş inikası olmaq etibarı ilə pul ancaq öz nişanı kimi mövcud olur, buna görə də adi nişanlarla əvəz edilə bilər[77 - Sikkə vəzifəsi, yəni ancaq tədavül vasitəsi vəzifəsi daşıyarkən qızıl və gümüşün dönüb özləri üçün bir nişan olmalarından Nikolas Barbon belə bir nəticə çıxarır ki, hökumətlərin "to raise money" [sikkənin dəyərini qaldırmaq], yəni indiyədək, məsələn, qroş adlanan bir miqdar gümüşə daha artıq miqdar gümüşün adını vermək, deyək ki, taler adlandırmaq və beləliklə də kreditorlara taler əvəzinə qroş vermək hüququ vardır. "Sikkə tez-tez əldən-ələ keçdiyinə görə sürtülüb yeyilir və yüngülləşir… Ticarət işlərində insanlar gümüşün miqdarına deyil, adına və sikkəsinə fikir verirlər… "Hökumətin nüfuzu metal parçasını pula çevirir". (N. Barbon. sitat gətirilən əsər, səh. 25, 29, 30).]. Ancaq gərək pul nişanı özünə obyektiv ictimai əhəmiyyət kəsb etsin, elə kağız simvol icbari məzənnə vasitəsi ilə belə bir əhəmiyyət kəsb edir. Bu dövlət məcburiyyəti ancaq həmin dövlət sərhədləri daxilində, yaxud daxili tədavül dairəsində qüvvədə olur, həm də ancaq burada pul öz tədavül vasitəsi, yaxud sikkə funksiyasında tamamilə əriyib həll olur və deməli, kağız pul şəklində zahirən öz metal substansiyasından təcrid edilmiş halda və xalis funksional surətdə yaşaya bilir.

3. PUL
Dəyər ölçüsü vəzifəsi daşıyan, buna görə də həmçinin, bilavasitə və ya öz əvəzləyiciləri vasitəsi ilə, tədavül vasitəsi vəzifəsi daşıyan əmtəə puldur. Buna görə də qızıl (və ya gümüş) puldur. Qızıl, bir tərəfdən, o hallarda pul vəzifəsi daşıyır ki, öz qızıl (və ya gümüş) cismində, pul əmtəəsi kimi meydana çıxmalı olsun, yəni o yerdə ki, sırf ideal surətdə, – dəyər ölçüsü funksiyasında olduğu kimi, –və öz təmsilçiləri tərəfindən əvəz edilə bilən bir şey kimi, – tədavül vasitəsi funksiyasında olduğu kimi, – meydana çıxmasın. Digər tərəfdən, qızıl (və ya gümüş) o hallarda pul vəzifəsi daşıyır ki, ancaq istehlak dəyərləri kimi meydana çıxan bütün başqa əmtəələrin əksinə olaraq, qızılın (və ya gümüşün) funksiyası, – onun bu funksiyanı özününmü, öz cismi vasitəsi ilə, yoxsa öz əvəzləyiciləri vasitəsi ilə daşımasından asılı olmadan, – onun yeganə dəyər surəti, yaxud mübadilə dəyərinin yeganə adekvat varlığı olmaq rolunu təsbit etsin.
a) DƏFİNƏ YARANMASI
Bir-birinə əks olan iki əmtəə metamorfozunun fasiləsiz dövranı, yaxud satqı və alqı əməliyyatlarının daim bir-birinin yerini tutması, pulun aramsız tədavülündə, yaxud pulun tədavüldə perpetuum mobile [daim hərəkət edən mexanizm (mühərrik)] funksiyası daşımasında meydana çıxır. Metamorfozlar sırası qırıldıqda və satqının ardınca daha bilavasitə alqı gəlmədikdə, pul dərhal hərəkətdən qalır, yaxud, Buagilber demişkən, meuble-dən [mütəhərrikdən] immeuble-yə [qeyri-mütəhərriyə], sikkədən pula çevrilir.
Əmtəə tədavülünün hələ lap ilk rüşeym halından başlayaraq birinci metamorfozunun məhsulunu–əmtəənin çevrilmiş formasını, yaxud onun qızıl sürfəsini əldə saxlamaq zərurəti və buna qızğın arzu doğur[78 - "Pul sərvəti… pula çevrilmiş məhsul sərvətindən başqa bir şey deyildir". (Mercier de la Riviere, sitat gətirilən əsər, səh. 573). "Məhsullarda mövcud olan dəyər ancaq öz formasını dəyişdirmişdir". (yenə orada, səh. 486).]. Əmtəəni ona görə satmırlar ki, başqa əmtəələr alsınlar, ona görə satırlar ki, əmtəə formasını pul forması ilə əvəz etsinlər. Maddələr mübadiləsində sadə vasitəçi halqa olan bu forma dəyişilməsi dönüb müstəqil bir məqsəd olur. Əmtəənin özgəninkiləşdirilmiş forması əmtəənin tamamilə özgəninkiləşdirilən forması olmaq və ya əmtəənin ancaq ötərgi pul forması olmaq yolunda maneələrə rast gəlir. Bunun nəticəsində pul hərəkətsiz qalıb dəfinə şəkli alır, əmtəə satıcısı isə dəfinə toplayan olur.
Əmtəə tədavülünün məhz ilk dövründə istehlak dəyərlərinin ancaq artıq hissəsi pula çevrilir. Beləliklə, qızıl və gümüş özlüyündə artıqlığın və ya sərvətin ictimai ifadəsi olur. Dəfinə toplanmasının bu bəsit forması elə xalqlar arasında əbədiləşir ki, orada öz istehlakı üçün nəzərdə tutulan ənənəvi istehsal üsuluna müvafiq surətdə möhkəm qərarlaşmış tələbat dairəsi olur. Biz bunu, məsələn, asiyalılar, xüsusən hindlilər arasında görürük. Əmtəə qiymətlərinin həmin ölkədəki qızıl və gümüş kütləsi ilə müəyyən olunduğunu zənn edən Vanderlint özünə belə bir sual verir ki, nəyə görə Hindistan malları bu qədər ucuzdur? Cavabı: ona görə ki, hindlilər öz pullarını yerə basdırırlar. O deyir ki, 1602-ci ildən 1734-cü ilədək hindlilər əvvəllər Amerikadan Avropaya gətirilmiş 150 milyon f. st. məbləğində gümüşü basdırmışlar[79 - "Məhz bu qayda sayəsində onların bütün mallarının belə aşağı qiymətləri saxlanır". (Vanderlint, sitat gətirilən əsər, səh. 95, 96).]

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/karl-marks/kapital-siyasi-iqtisadin-t-nqidi-68386348/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Karl Marks, “Siyasi iqtisadın tənqidinə dair”. Berlin 1859

2
“Arzu tələbatdan doğur, arzu ruhun iştahasıdır və acmaq bədənə xas olduğu kimi o da ruha bir o qədər xasdır… şeylərin çox hissəsinin ona görə dəyəri vardır ki, ruhun tələbatını ödəyir” Nicholas Barbon

3
“Şeylərin öz daxili xassəsi vardır” (bu istehlak dəyərinə Barbonun verdiyi xüsusi addır) və bu xassə hər yerdə dəyişməz qalır; məsələn maqnitin cəzb etmək qabiliyyəti

4
Hər hansı bir şeyin təbii dəyəri (natural worth) insan həyatının tələbatını ödəmək və ya rahatlığına xidmət etmək qabiliyyətindədir. John Locre. "Some Considerations of the Consequences of the Lowering of Interest. 1691, in. "Works", London. 1777, v. II, p. 28) XVIII əsrdə ingilis müəlliflərində istehlak dəyərini bildirmək üçün "worth" sözünü və mübadilə dəyərini bildirmək üçün "value" sözünü işlətdiklərinə biz tez-tez rast gəlirik; bu ingilis dilinin ruhuna tamamilə uyğundur, çünki ingilis dili bilavasitə mövcud olan şeyləri german mənşəli sözlərlə, fikrən düşünülən şeyləri isə roman mənşəli sözlərlə əvəz etməyi sevir.

5
Burjua cəmiyyətində belə bir fictio juris (yuridik fiksiya) hökm sürür ki, guya əmtəə alıcısı olan hər bir adam əmtəəşünaslıq sahəsində ensiklopedik biliyə malikdir.

6
"Dəyər bir şeyin başqa şeyə, müəyyən miqdar bir məhsulun müəyyən miqdar başqa məhsula mübadilə olunduğu nisbətdir". (Le Trosne. De I'lnteret Social", "Physiocrates", ed. Daire. Paris, 1846, p. 889)

7
"Heç bir şeyin daxili dəyəri ola bilməz". (N. Barbon. Sitat gətirilən əsər, səh. 6.) yaxud Batlerin dediyi kimi: The value of a thing, Is justas much as it will bring. (Şeydən nə qədər vüsul olsa, dəyəri tam o qədərdir.)

8
depozit

9
2-ci nəşrə qeyd. „Onlar" (istehlak şeyləri) „bir-birinə mübadilə edildiyi zaman onların dəyəri onların istehsalı üçün zəruri olan və adətən sərf edilən əməyin miqdarı ilə müəyyən olunur“. Keçən əsrdə anonim müəllif tərəfindən yazılan bu gözəl əsərin nəşr edildiyi vaxt göstərilməmişdir. Lakin onun məzmunundan görünür ki, II Georqun zamanında, təxminən 1739-cu və ya 1740-cı ildə çapdan çıxmışdır.

10
„Eyni qəbildən olan bütün məhsullar əslində bir kütlə təşkil edir ki, bunun da qiyməti. ayrı-ayrı hallardakı xüsusi şəraitdən asılı olmayaraq, bütövlükdə müəyyən olunur“ (Le Trosne, sitat gətirilən əsər, səh. 893).

11
Karl Marks. .Siyasi iqtisadın tənqidinə dair“. Berlin, 1859, səh. 6 [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 16].

12
{4-cü nəşrə qeyd. Mötərizəyə alınmış sözləri mən ona görə əlavə etdim ki, bu sözlər olmadıqda, çox zaman belə bir anlaşılmazlıq əmələ gəlirdi; guya Marksın fikrincə, hər bir məhsul onu istehsal edən şəxs tərəfindən deyil, başqası tərəfindən istehlak edildikdə, əmtəə olur. F. E,}

13
Karl Marks. „Siyasi iqtisadın tənqidinə dair“. Berlin, 1859, səh. 12, 13 və başqaları [bax: K, Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 21, 22 və başqaları].

14
Uzunətəkli kişi pencəyi

15
Kainatdakı bütün hadisələr, istər insan əli ilə, istərsə də təbiətin ümumi qanunları ilə yaradılmış olsun bizə materiyanın həqiqətən xəlq edilməsi ideyasını vermir, onun ancaq şəklinin dəyişilməsi ideyasını verir. İstehsal ideyasını təhlil edərkən insan zəkasının aşkara çıxardığı yeganə ünsürlər birləşmə və bölünmədən ibarətdir. İstər torpaq, hava və suyun tarlalarda buğdaya çevrildiyi halda, istərsə həşəratın lyablı ifrazatının insan əli ilə ipəyə çevrildiyi və ya ayrı-ayrı metal parçalarının birləşib saat mexanizmi əmələ gətirdiyi halda eyni dərəcədə dəyər (istehlak dəyəri nəzərdə tutulmalıdır, hərçənd burada fiziokratlarla mübahisə edərkən Berri özü hansı növ dəyərdən danışdığını ağıllı-başlı bilmir) və sərvət istehsal olunur.

16
Vurma əməli (riyaz. köhn.) burada sədə əməklərin hasili (red.)

17
Birləşmək, tamamlanmaq (köhn.)

18
Oxucu nəzərdə tutmalıdır ki, burada əməkhaqqından, yaxud fəhlənin, məsələn bir iş günü üçün aldığı dəyərdən deyil, əmtəələrin dəyərindən bəhs edilir ki, bunda fəhlənin iş günü maddiləşir. Şərhimizin bu mərhələsində əməkhaqqı kateqoriyası bizim üçün hələ ümumiyyətlə mövcud deyıldir.

19
скопление

20
Hər zaman bütün əmtəələrin dəyərlərinə qiymət vermək və onları bir-biri ilə müqayisə etmək üçün yalnız əməyin qəti və real bir ölçü olduğunu sübut etməkdən ötrü A. Smit yazır: „Bərabər miqdar əmək hər zaman və hər yerdə fəhlə üçün eyni dəyərdə olmalıdır. Normal sağlamlıq və qüvvətə malik olub normal işləyə bilən və bacarığı orta dərəcədə olan bir fəhlə həmişə öz rahatlıq, sərbəstlik və səadətinin eyni bir hissəsini verməlidir“. A. Smit burada (hər yerdə yox), bir tərəfdən dəyəri əmtəənin istehsalına sərf olunan miqdarı ilə təyin etməyi əmtəə dəyərlərini əməyin öz dəyəri ilə təyin etməklə qarışdırır və buna görə də sübut etməyə çalışır ki, bərabər miqdarda əmək həmişə eyni dəyərə malik olur. Digər tərəfdən, o hiss edir ki, əmək əmtəələrin dəyərində ifadə olunduğuna görə, ancaq iş qüvvəsinin sərf olunması deməkdir, lakin o, iş qüvvəsinin bu məsrəfini yenə də ancaq rahatlıq, azadlıq və səadətin qurban verilməsi kimi təsvir edir, bu məsrəfin həmçinin normal həyat fəaliyyəti olduğunu görmür. Doğrudur, onun gözləri qarşısında müasir muzdlu fəhlə də dururdu. – A. S. Smitin 9-cu qeyddə sitat gətirilən anonim sələfi bu məsələdə ondan xeyli dürüst fikir yeridir: "Birinci müəyyən bir istehlak şeyi hazırlamaq üçün bir həftə vaxt sərf etmişdir.. və ona bunun müqabilində başqa bir şey təklif edən şəxs lap yaxşı qiymətləndirə bilər ki, birinci şey üçün lazım ekvivalent nədən ibarətdir, bundan ötrü o hesablamalıdır ki, özünün təklif etdiyi şeyin nə qədarinə eyni miqdar əmək [labour] və vaxt sərf etmişdir. Burada məsələ ondan ibarətdir ki, məlum şeyin istehsalına bir şəxsin müəyyən vaxt ərzində sərf etdiyi əmək başqa bir şeyin istehsalına başqa bir şəxsin eyni vaxt ərzində sərf etdiyi əməyə mübadilə olunur“. İngilis dilinin belə bir üstünlüyü vardır ki, əməyin iki müxtəlif cəhətini ifadə etmək üçün bu dildə iki müxtəlif söz mövcuddur. Keyfiyyətcə müəyyən olub istehlak dəyərləri yaradan əmək labour-un əksinə olaraq work adlanır; dəyər yaradan və ancaq miqdarca ölçülən əmək isə work-un əksinə olaraq labour adlanir.

21
Marks burada Şekcpirin tarixi xronologiyasındakı dialoqdan istifadə edir, “Kral IV Henrix”, I hissə üçüncü pərdənin üçüncü səhnəsində Falstaf dul qadın Kuikliyə deyir: “Bilmir ki, onun harasından yapışsın”, Bunun cavabında Kuikli deyir: “Yalan deyirsən: sən də, başqaları da çox yaxşı bilirsiniz ki, mənim haramdan yapışasınız”.

22
„Paris vaut bien une messe" („Paris xeyir-duaya layiqdir") – IV Henrix protestant məzhəbindən katolik məzhəbinə keçərsə, parislilərin onu kral tanıyacaqları vədi ilə əlaqədar olaraq, onun 1593-cu ildə söylədiyi sözlərdir.

23
Bəzi cəhətlərdən insan əmtəəni xatırladır. İnsan əlində güzgü ilə və „Mən mənəm“ deyən fixteçi filosof kimi doğulmadığına görə, o, əvvəlcə güzgüyə baxırmış kimi başqa adama baxır. Pyotr adlı bir adam Pavel adlı bir adama yalnız özünə bənzər bir insan kimi yanaşmaqla özünə də bir insan kimi yanaşmağa başlayır. Bununla birlikdə də özlüyündə Pavel, onun bütün Pavel cismi onun üçün „insan“ nəslinin təzahür forması olur.

24
Yuxarıda bəzi yerlərdə olduğu kimi, burada da „dəyər“ ifadəsi miqdarca müəyyən dəyəri, yəni dəyər kəmiyyətini bildirmək üçün işlədilir.

25
Bu cür nisbi təriflər ümumiyyətlə çox qəribə bir şeydir. Məsələn, bir adam ancaq ona görə kraldır ki, başqaları özlərini onun təbəəsi hesab edirlər. Halbuki onlar, əksinə, belə düşünürlər ki, özlərinin təbəə olmasına səbəb həmin şəxsin kral olmasıdır.

26
Orijinalda bir qədər dəyişdirilmiş şəkildə belə bir məşhur alman məsəli vardır: „Kleider niachen Leute“ (hərfi mənası belədir: „paltar adamları yaradır“, mənası isə bu cürdür: „kötüyü bəzəsən, kötük də yaxşı görünər“, yaxud: „adamı libasına görə qarşılayarlar“). Red.

27
Buna görə də kətanın dəyərini sürtuklarda ifadə edirlərsə, kətanın sürtuk dəyərindən, onu taxılda ifadə edirlərsə, kətanın taxıl dəyərindən bəhs edirlər və i. a. Hər bir belə ifadə o deməkdir ki, sürtukun, taxılın və i. a. istehlak dəyərində kətanın dəyərindən başqa bir şey təzahür etmir. „Hər bir əmtəənin dəyəri onun mübadilə nisbəti demək olduğuna görə… biz onun barəsində… taxıl dəyəri, mahud dəyəri və s. kimi bəhs edə bilərik; bu da həmin əmtəənin hansı başqa əmtəə ilə müqayisə olunmasından asılıdır; beləliklə, dəyərin minlərlə müxtəlif növləri vardır, – nə qədər əmtəə varsa, düz o qədər də dəyər növləri vardır və bunların hamısı eyni dərəcədə nominaldır” („A Critical Dissertation on the Nature, Measures, and Causes of Value; chiefly in reference to the writings of Mr. Ricardo and his followers. By the Autor of Essays on the Formation etc. Of Opinions”. London, 1825, p. 39). Vaxtı ilə İngiltərədə böyük gurultu qoparan bu anonim əsərin müəllifi S. Beyli xəyal edir ki, eyni bir əmtəə dövriyyənin bu rəngarəng nisbi ifadələrini göstərməklə, dəyər anlayışına tərif verməkdə hər bir imkanı məhv etmişdir. Onun üzərinə Rikardo məktəbinin, məsələn, “Westminster Review“ nə qədər əsəbiliklə hücum etməsi sübut edir ki, bütün öz məhdudluğuna baxmayaraq o hər halda Rikardo nəzəriyyəsinin zəif yerlərini hiss etmişdir.

28
Bütün başqa əmtəələrə bilavasitə mübadilə oluna bilmək forması ilk baxışda belə bir cəhəti aşkara çıxarmır ki, maqnitin müsbət qütbü onun mənfi qütbü ilə qırılmaz surətdə bağlı olduğu kimi, ümumi bilavasitə mübadilə oluna bilmək forması da bilavasitə mübadilə olunmamaq forması ilə qırılmaz surətdə bağlı olan ziddiyyətli əmtəə formasıdır. Buna görə də bütün katolikləri papa etmək mümkün olduğunu fərz etməyə yol verilə bilərsə, eyni zamanda bütün əmtəələr üzərinə bilavasitə mübadilə oluna bilmək damğası vurula biləməyini də fərz etməyə yol verilə bilər. Əmtəə istehsalında insan azadlığının və şəxsi müstəqilliyinin nes plüş ultra-sını [zirvəsini] görən xırda burjua, əlbəttə, son dərəcə arzu edərdi ki. bu forma ilə bağlı olan nöqsanları, xüsusilə də əmtəələrin bilavasitə mübadilə oluna bilməmək kimi nöqsanını aradan qaldırsın. Prudonun sosializmi də məhz bu filister xülyasına bəzək-düzək verməkdən ibarətdir və başqa bir yerdə göstərdiyim kimi, bu sosializm hətta orijinal bir şey də deyildir, Qrey, Brey və başqalarının hələ xeyli əvvəl və xeyli yaxşı dediklərini ancaq təkrar edir. Buna baxmayaraq indi belə bir əllaməlik müəyyən dairələrdə „elm” adı ilə yayılır. İndiyədək heç bir məktəb „elm” sözündən Prudon məktəbi qədər bərk yapışmamışdır.

29
Xatırladaq ki, Çin və stollar – pour encourager 1es autres [başqalarını ruhlandırmaq üçün] məhz elə bir zamanda oynamağa başlamışdılar ki, bu zaman bütün qalan aləm, deyəsən tam sükunət halında görünürdü.

30
İkinci nəşrə qeyd. Qədim germanlar arasında bir morgen torpağın kəmiyyəti birgünlük əməklə ölçülürdü; buradan da morgenin adları irəli gəlir: Tagwerk (və ya Tagwanne) (yurnale və ya jurnalis, terra jurnalis və ya diurnalis), Mannwerk, Mannskraft, Mannsmaad, Mannshauet və i.a.

31
2-ci nəşrə qeyd. Buna görə də Qaliani deyəndə ki, dəyər iki şəxs arasında münasibətdir – „La Ricchezza e una regione tra due persone“, – bunu da əlavə etməli idi: şey pərdəsi altındakı münasibətdir (Galiani, “Della moneta” səh. 221).

32
„Ancaq vaxtaşırı inqilablar vasitəsi ilə özünə yol aça bilən bir qanun haqqında biz nə düşünməliyik? Bu məhz təbii qanundur və bu qanun ona əsaslanır ki, burada iştirak edənlər şüursuz hərəkət edirlər" (Fridrix Engels. „Siyasi iqtisadın tənqidinə dair qeydlər”, Arnold Ruge və Karl Marks tərəfinlən nəşr edilən “Deutsch-französische Jahrbücher” jurnalında. Paris, 1844 bax; K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 1-ci cild, səh. 561]).

33
2-ci nəşrə qeyd. Hətta Rikardo da öz robinzonadasına əl atmadan keçinə bilməmişdi. “O, ibtidai balıqçı ilə ibtidai ovçunu məcbur edir ki, əmtəə sahibləri olmaq etibarı ilə onlar balıqla quşu bu mübadilə dəyərlərində maddiləşmiş iş vaxtına mütənasib surətdə dərhal mübadilə etsinlər. Həm də o, belə bir anaxronizmə qapılır ki, ibtidai balıqçı ilə ibtidai ovçu öz əmək alətlərini hesaba alarkən 1817-ci ildə birjasında işlənən illik faiz ödənişləri cədvəllərindən istifadə edir. “Cənab Ouenin naraleloqramları“, deyəsən, burjua cəmiyyəti formasından başqa ona məlum olan yeganə cəmiyyət forması idi“ (Karl Marks. „Siyasi iqtisadın tənqidinə dair“, Berlin, 1859, səh. 38, 39. [bax: K, Marks və F. Engels, Əsərləri. İknnci nəşri, 13-cü cild, səh. 46–47]).

34
Dəyər kəmiyyətinin Rikardo tərəfindən edilən təhlilinin qənaətbəxş olmaması – bu isə dəyər kəmiyyətinin ən yaxşı təhlilidir – bu əsərin üçüncü və dördüncü kitablarında göstəriləcəkdir. Ümumiyyətlə dəyərə gəldikdə, klassik siyasi iqtisad dəyərdə ifadə olunan şəkildəki əməklə məhsulun istehlak dəyərində ifadə olunan eyni əmək arasında heç bir yerdə tam aydın və şüurlu surətdə açıqca fərq qoymur. Faktik surətdə klassik siyasi iqtisad, əlbəttə, belə bir fərq qoyur, çünki birinci halda əməyi miqdar cəhətindən, ikinci halda isə keyfiyyət cəhətindən nəzərdən kecirir. Lakin onun heç ağlına da gəlmir ki, əmək növlərinin xalis miqdarca fərqi onların keyfiyyət vəhdəti və ya bərabərliyini, deməli, onların abstrakt insan əməyinə müncər olmasını nəzərdə tutur. Məsələn, Rikardo deyir ki, o, Destüt de Trasinin bu sözlərinə şərikdir: “Fiziki və mənəvi qabiliyyətlərimizin yeganə ilkin sərvət olması tamamilə aşkar olduğuna görə, bu qabiliyyətlərin tətbiq olunması, yəni əmək bizim ilkin xəzinəmizdir. Sərvət adlandırdığımız bütün şeyləri ancaq bu qabiliyyətlərin tətbiq edilməsi yaradır… Bu da aydındır ki, bütün bu şeyləri ancaq bu qabiliyyətlərin tətbiq edilməsi yaradır… Bu da aydındır ki, bütün bu şeylər ancaq onları yaradan əməyi təmsil edir və əgər bunların dəyəri, yaxud hətta iki müxtəlif dəyəri vardırsa, bu dəyər ancaq həmin şeyləri doğuran əməyin dəyərindən törəyir“ (Ricardo. „The Principles of Political Esonomy“. Biz ancaq bunu qeyd edəcəyik ki, Rikardo Destütə bu məsələ haqqında özünün daha dərin olan anlayışını isnad verir. Doğrudur, Destüt, bir tərəfdən, deyir ki, sərvətimizi təşkil edən bütün şeylər, “onları yaradan əməyi təmsil edir“, lakin, digər tərəfdən, o iddia edir ki, bunların “iki müxtəlif dəyəri” (istehlak dəyəri və mübadilə dəyəri) „əməyin dəyərindən“ törəyir. Beləliklə, o, bir əmtəənin (burada əməyin) dəyəri olduğunu fərz edib, sonra bunun vasitəsi ilə başqa əmtəələrin dəyərini müəyyən edən vulqar siyasi iqtisadın bu bayağı fikirlərini təkrar edir. Rikardo isə Destütü belə oxuyur: istehlak dəyərində də, mübadilə dəyərində də əmək (əməyin dəyəri yox) təmsil olunur. Lakin Rikardo özü ikili şəkildə təmsil olunan əməyin ikili xarakterkni o qədər pis ayırd edir ki, „Dəyər və sərvət, bunların fərqləndirici xassələri” adlı bütöv bir fəsil boyunca J. B. Sey kimi bir çənabın bayağı fikirləri ilə əlləşməyə məcbur olur. Ən axırda Rikardo heyrətlə görür ki, Destüt onunla birlikdə əməyi dəyərin mənbəyi hesab etsə də, dəyər anlayışına verdiyi tərifdə eyni zamanda Sey ilə də şərik olur.

35
Klassik siyasi iqtisadın əsas nöqsanlarından biri bundan ibarətdir ki, heç bir zaman əmtəənin və xüsusən əmtəə dəyərinin təhlildən dəyəri məhz mübadilə dəyəri edən dəyər formasını hasil edə bilməmişdir. Məhz özünün A. Smit və Rikardo kimi ən yaxşı nümaytəndələrinin şəxsində klassik siyasi iqtisad dəyər formasını əmtəənin təbiətinə əsla dəxli olmayan və hətta ondan kənarda olan bir şey hesab edir. Səbəbi də təkcə o deyil ki, klassik siyasi iqtisadın bütün diqqətini dəyər kəmiyyətinin təhlili cəlb edir. Bunun səbəbi daha dərindir. Əmək məhsulunun dəyər forması burjua istehsal üsulunun ən abstrakt və eyni zamanda ən ümumi formasıdır: məhz bu forma onun ictimai istehsalın xüsusi bir növü olduğunu, bununla bərabər tarixi bir istehsal üsulu olduğunu göstərir. Burjua istehsal üsuluna ictimai istehsalın əbədi bir təbii forması kimi baxdıqda isə, dəyər formasının spesifik xüsusiyyətləri də, deməli, əmtəə formasının, sonrakı inkişafda isə pul formasının, kapital formasının və i. a. spesifik xüsusiyyətləri də hökmən nəzərdən qaçmış olacaqdır. Buna görə də, dəyər kəmiyyətinin iş vaxtı ilə ölçüldüyünü qəbul edən iqtisadçılarda pul haqqında, yəni mükəmməl şəkil almış ümumi ekvivalent haqqında olduqca müxtəlif və ziddiyyətli təsəvvürlərə rast gəlirik. Bu hal, məsələn, bank işinin tədqiqində xüsusilə aydın meydana çıxır, burada isə pul haqqında arada gəzən adi təriflərlə iş aşmaz. Bunun əksinə olaraq, yeni şəkildə bərpa olunmuş merkantilizm sistemi (Qanil və başqaları) meydana gəlmişdir ki, bu da dəyəri ancaq ictimai forma hesab edir, yaxud, daha doğrusu, dəyəri bu formanın hər bir substasiyadan məhrum bir inikası hesab edir. – Həmişəlik qeyd etməliyəm ki, mən klassik siyasi iqtisad dedikdə, U. Pettidən başlayan və burjua istehsal münasibətlərinin daxili asılılıqlarını tədqiq edən bütün siyasi iqtisadı nəzərdə tuturam. Klassik siyasi iqtisadın əksinə olaraq, vulqar siyasi iqtisad ancaq nəzərə gələn, zahiri asılılıqlar sahəsində eşələnir, elmi siyasi iqtisadın artıq çoxdan işləyib hazırladığı materialı daim yenidən çeynəyib tökür, bununla da iqtisadi həyatın ən qaba hadisələrinin burjuaziya üçün münasib şərhini vermək və bu hadisələri burjuaların ev güzəranına uyğunlaşdırmaq məqsədi güdür. Qalan sahələrdə isə bununla kifayətlenir ki, Burjua istehsal xadimlərinin öz aləmlərini ən yaxşı aləm hesab edən çeynənmiş və lovğa təsəvvürlərini pedantcasına sistemləşdirir və bu təsəvvürləri əbədi həqiqət elan edir.

36
İqtisadçılar öz mühakimələrində çox qəribə bir üsul işlədirlər. Onların fikkrincə, ancaq iki cür təsisat vardır: biri süni təsisat, digəri də təbii təsisatdır. Feodalizm təsisatı süni təsisatdır, burjua təsisatı isə təbii təsisatdır. Bu halda iqtisadçılar teoloqlara bənzəyirlər, çünki teoloqlar da iki cür din olduğunu iddia edirlər. Hər bir yad din insanların uydurmasıdır, onların öz dini isə allahın vəhyidir… Beləliklə, indiyə qədər tarix var imiş indi isə daha yoxdur” (Karl Marks: “Fəlsəfə yoxsulluğu. C-b Prudonun “Yoxsulluq fəlsəfəsinə cavab”, 1847, səh. 113 [bax K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 4-cü cild, səh. 142]). Qədim yunanların və romalıların ancaq qarətlə yaşadıqlarını güman edən c-b Bastia həqiqətən gülüncdür. Axı insanlar əsrlər boyu qarətlə yaşayırlarsa, yəqin ki, həmişə qarət edilməsi mümkün olan bir şey olmalı, başqa sözlə desək, qarət edilən şeylər arası kəsilmədən təkrar istehsal olunmalıdır. Buna görə də güman etmək lazımdır ki, yunanlarla romalıların da müəyyən bir istehsal prosesi, müəyyən iqtisadiyyatı olmuş və burjua iqtisadiyyatı müasir dünyanın bazisi olduğu dərəcədə həmin iqtisadiyyat da onların dünyasının maddi bazisi olmuşdur. Yaxud bəlkə də Bastia demək istəyir ki, qul əməyinə əsaslanan istehsal üsulu bununla da qarət sisteminə əsaslanır? Bu Halda o, təhlükəli bir yol tutmuş olur. Lakin Aristotel kimi nəhəng bir mütəfəkkir qul əməyinə qiymət verərkən səhv edirdisə, nəyə görə biz Bastia kimi cırtdan bir iqtisadçıdan muzdlu əməyə düzgün qiymət verəcəyini gözləməliyik?–Bu fürsətdən istifadə edərək mən bir alman – amerikan qəzetində Siyasi iqtisadın tənqidinə dair“ (1859) əsərim haqqında çıxan etiraza qısaca cavab vermək istəyirəm. Mənim fikrimcə, müəyyən istehsal üsulu və buna uyğun olan istehsal münasibətləri, bir sözlə desək – „cəmiyyətin iqtisadi quruluşu real bazis təşkil edir, bunun üzərində hüquqi və siyasi üstqurum yüksəlir və müəyyən ictimai şüur formaları buna müvafiq olur“, „maddi həyat istehsalı üsulu ümumiyyətlə ictimai, siyasi və mənəvi həyat prosesləri üçün şərt olur“ (bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 6,7] – mənim bu baxışım qəzetin fikrincə, maddi mənafeyin hökm sürdüyü müasir dünya haqqında doğrudur, lakin nə katolisizmin hökm sürdüyü orta əsrlərə, nə də siyasətin hökm sürdüyu qədim Afinaya və ya Romaya tətbiq oluna bilməz. Hər şeydən əvvəl qəribə burasıdır: hələ də elə bir adam tapılıb güman edə bilir ki, orta əsrlər və antik dünya haqqında arada gəzən bu ibarələr kimə isə məlum deyilmiş. Hər halda aydındır ki, orta əsrlər katolisizmlə, antik dünya isə siyasətlə yaşaya bilməzdi. Əksinə, həmin dövrlərdə yaşayış vasitələri əldə etmək üçün işlədilən üsul izah edir ki, nəyə görə bir halda siyasət, digər halda katolisizm başlıca rol oynamışdır. Bundan əlavə məsələn, Roma respublikasının tarixinə dair xüsusilə dərin bilik sahibi olmadan da bilmək olar ki, onun tarixinin sirri torpaq mülkiyyətinin tarixindədir. Digər tərəfdən, hələ Don-Kixot sərgərdan cəngavərliyə cəmiyyətin bütün iqtisadi formalarında eyni dərəcədə yol verilə biləcəyini güman etməklə buraxdığı səhvin ağır bəlasını çəkməli olmuşdu.

37
“Observations”un müəllifi və S. Beyli Rikardsonu bunda ittiham edirlər ki, o, mübadilə dəyərinnn nisbi xarakterini görməmiş və onu mütləq bir şeyə çevirmişdir. Əslində isə əksinədir: bu şeylərin, məsələn almaz və incinin bir mübadilə dəyəri kimi malik olduqları zahiri nisbiliyi o həmin şeylərin zahiri görünüşü arxasında gizlənən həqiqi münasibətə, insan əməyinin bəsit ifadələri olmaq etibarı ilə onların nisbiliyinə müncər etmişdir. Rikardoçular Beyliyə inandırıcı şəkildə deyil, kobud bir şəkildə cavab vermişlərsə, bu ancaq ona görədir ki, onlar dəyərlə dəyər forması, yaxud mübadilə dəyəri arasında daxili əlaqə haqqında Rikardsonun özündə bir şey tapa bilməmişdilər.

38
Öz möminliyi ilə şöhrət tapmış XII əsrdə əmtəələr arasında çox qəribə şeylərə təsadüf edilirdi. Məsələn, o zamankı fransız şairlərindən biri Landi yarmarkasında olan əmtəələr arasında çit, çəkmə, gön, kənd təsərrüfatı alətləri, dəri və sairə ilə yanaşı olaraq “femmes folles de leur corps [fahişə qadınlar] da olduğunu göstərir.

39
Prudon öz əbədi ədalət, yustise eternelle idealını əvvəlcə əmtəə istehsalına uyğun yuridik münasibətlərdən alır, yeri gəlmişkən deyək ki, bununla da bütün filisterlərə belə təsəlli gətirən bir sübut verir ki, əmtəə istehsalı forması da ədalət qədər əbədidir. Sonra o, əksinə, həmin ədalət idealına uyğun surətdə həqiqi əmtəə istehsalını və buna müvafiq olan əsil hüququ dəyişdirməyə çalışır. Bir kimyaçı maddələr mübadiləsinin həqiqi qanunlarını tədqiq etmək və bunların əsasında müəyyən məsələləri həll etmək əvəzinə, maddələr mübadiləsini „naturalite“ və „affinite“ [„zat“ və „qohumluq”] kimi, „əbədi ideyalara” uyğun surətdə dəyişdirmək istəsəydi, biz onun haqqında nə deyərdik? Bizə deyəndə ki, sələmçilik „yustise eternelle“ [„əbədi ədalətə”], „eduite eternelle“ [«əbədi həqiqətə“ ziddir, – məgər biz vaxtı ilə sələmçiliyin „grace eternelle“,„foi eternelle“,„volonte eternellede Dieu “ [„əbədi şəfqətə“, „əbədi imana“, „allah-təalanın əbədi iradəsinə“] zidd olduğunu deyən kilsə xadimlərinin keçmişdə sələmçilik haqqında bildiklərindən azacıq da olsa artıq bir şeymi bilmiş oluruq?

40
„Çünki hər bir nemət iki cür istehlak olunur. Birincisi özlüyündə şeyə məxsusdur, ikincisi isə – yox; məsələn, səndəl ayağa da geyilə bilər, mübadilə də oluna bilər. Bunların hər ikisi səndəlin istehlak dəyəridir, çünki hətta səndəli ehtiyac hiss etdiyi bir şeyə, məsələn, yeyinti şeyinə mübadilə edən bir şəxs də səndəldən bir səndəl kimi istifadə edir. Lakin bu, səndəlin istehlak olunmasının təbii üsulu deyildir. Çünki səndəl mübadilə üçün mövcud deyildir“ (Aristoteles. "De Republica", I kitab, 9-cu fəsil).

41
İndi biz xırda burjua sosializminin hiylələrinə layiqincə qiymət verə bilərik, axı o, əmtəə təsərrüfatını əbədiləştirmək və eyni zamanda „pul ilə əmtəə arasındakı əksliyi“, yəni pulun özünü aradan qaldırmaq istəyir, çünki pul bu əksliyin ancaq tərkib hissəsi kimi mövcuddur. Eyni müvəffəqiyyətlə katolisizmi saxlayıb papanı da aradan götürməyə çalışmaq olardı. Bu barədə ətraflı məlumat üçün mənim bu əsərimə bax: "Siyasi iqtisadın tənqidinə dair", səh. 61 və sonrakılar. [K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 67 və sonrakılar].

42
Nə qədər ki, iki müxtəlif istehlak şeyi mübadilə olunmur, çox zaman vəhşilər arasında təsadüf etdiyimiz kimi, bir şey əvəzində ekvivalent olaraq bir yığın müxtəlif şey təklif edilir, o vaxta qədər hətta bilavasitə məhsul mübadiləsi hələ öz astanasından irəli getməmiş olur.

43
Karl Marks. „Siyasi iqtisadın tənqidinə dair“, səh. 135 [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci naşri, 13-cü cild, səh. 137]. „Qiymətli metallar… öz təbiətinə görə puldur“ (Galiani. „Della Moneta“, Kustodi nəşri. Parte Moderna, III çild, səh. 137).

44
Bu barədə ətraflı məlumat almaq üçün mənim indicə sitat gətirilən əsərimdə "Nəcib metallar" bölməsinə bax.

45
„Pul universal əmtəədir" (Verri, sitat gətirilən əsər, səh. 16).

46
„Qızıl və gümüş sikkə olmazdan əvvəl, bir metal olaraq öz dəyərinə malikdir“ (Galiani, sitat gətirilən əsər). Lokk deyir: „Gümüşün xassələri onu pul rolu oynamaq üçün yararlı etdiyinə görə, insanlar ümumi bir razılıqla gümüşə xəyali bir dəyər vermişlər“. Lo, əksinə, deyir: Necə ola bilərdi ki, müxtəlif millətlər müəyyən şeyə xəyali bir dəyər versinlər?.. Və necə ola bilərdi ki. bu xəyali dəyər saxlanıb qalsın?“ Məsələnin mahiyyətini onun nə qədər pis antadığını özünün bu sözləri göstərir: „Gümüş malik olduğu istehlak dəyərinə görə, yəni öz gerçək dəyərinə görə mübadilə olunurmuş; pul vəzifəsi daşımaq sayəsində isə əlavə bir dəyər də kəsb etmişdir.

47
„Pul onların“ (əmtəələrin) „nişanıdır“ (V. De Forbonnais. „Elements du Commerce Nouv. Edit Leyde, 1766, t.II, p.143). „Bir nişan olmaq etibarı ilə pulu əmtəələr cəzb edir“ (yenə orada, səh. 155). Pul şeyin nişanı və nümayəndəsidir" (Montesquieu, „Esprit des Loix“. Oeuvres. London, 1767, p.3). „Pul sadə nişan deyildir, çünki pul özü sərvətdir, pul dəyərlərin nümayəndəsi deyil, özü dəyərdir“ (Le Trosne, sitat gətirilən əsər. səh. 910). „Biz dəyər anlayışına diqqət yetirdikdə, şey özü ancaq bir nişan kimi nəzərdən keçirilir, həm də bu şey özlüyündə deyil, nə dəyərində olmasına görə əhəmiyyətlidir“ (Negel. „Philosophie des Rechts“, S. 100). Qızılın sadəcə bir nişan olması və nəcib metalların ancaq xəyali dəyərə malik olması təsəvvürünü iqtisadçılardan çox əvvəl yuristlər yaymışdılar; kral hakimiyyəti qarşısında nökərçilik edən bu yuristlər kralların sikkəni saxtalaşdırmaq hüququnu Roma imperiyası ənənələri ilə və pandektlərdə ifadə edilən pul anlayışları ilə bütün orta əsrlər boyu əsaslandırmağa çalışmışlar. Bu yuristlərin sədaqətli şagirdi olan Filipp Valua 1346-cı il dekretlərindən birində deyir: „heç kəs şübhə edə bilməz və şübhə etməməlidir ki, sikkə kəsmək, pul buraxmaq və sikkə haqqında hər cür sərəncam vermək hüququ, tədavülə sikkə buraxmaq, həm də öz istədiyimiz və səmərəli hesab etdiyimiz qiymətlə buraxmaq… Hüququ ancaq bizə və biz əlahəzrət krala məxsusdur". Roma hüququnda belə bir ehkam var idi ki, pulun dəyəri imperatorun verdiyi dekretlə təyin olunur. Pulu bir əmtəə kimi işlətmək qəti qadağan olunmuşdu. „Pulu isə heç kəs satın almamalıdır, çünki hamının istifadə etməsi üçün buraxılan pul dönüb əmtəə olmamalıdır“.

48
„Peru mədənlərindən bir unsiya gümüş çıxarıb Londona gətirmək üçün bir buşel taxılın istehsalına lazım gəldiyi qədər vaxt sərf edilərsə, bu məhsullardan birincisi ikincisinin təbii qiyməti olar; yeni, daha zəngin mədənlər tapılması nəticəsində iki unsiya gümüşü indiki bir unsiya gümüş qədər asanlıqla çıxarmaq olarsa, əvvvəllər 5 şillinqə olan bir buşel taxıl indi caeteris parious [başqa şərtlər eyni olduqda] 10 şillinqə olacaqdır“ (William Petty “A.Treatise of Taxes and Contribitions”, London, 1667, p.31).

49
C-b professor Roşer bizə öyüd verib deyir: „Pula verilən yanlış tərifləri iki əsas qrupa bölmək olar: pulu əmtəədən böyük bir şey hesab edən təriflər və pulu əmtəədən kiçik bir şey hesab edən təriflər“. Sonra pul haqqındakı əsərlərin rəngarəng kataloqu verilir, burada isə pul nəzəriyyəsinin həqiqi tarixini başa düşməkdən bir əsər-əlamət də görmək mümkün deyildir. Axırda da belə bir nəticə vardır: „Onu da inkar etmək olmaz ki, ən yeni iqtisadçıların çoxu pulu başqa əmtəələrdən fərqləndirən xüsusiyyətlərə az fikir verir“ (deməli, pul yenə də əmtəədən kiçik və ya böyük bir şeydir?)“… Bu belə olduğuna görə, Qanil və başqalarının yarım merkantilist münasibəti bir qədər əsaslıdır“ (Wilheilm Rosher. “Die Grundlagen der Nitionalokonomie”, 3 Aufl.. 1858, S. 207–210). „Böyük–kiçik–az–belə olduğuna görə–bir qədər“! Bu da anlayışlara tərif vermək adlandırılır! Həm də c-b Roşer belə bir eklektik professor boşboğazlığına təvazökarlıqla siyasi iqtisadın „anatomik-fizioloji metodu“ adını vermişdir! Amma hər halla elm ona bir kəşfinə görə minnətdardır, bu da ondan ibarətdir ki, pul „xoşagələn əmtəədir“.

50
Nəyə görə pul bilavasitə iş vaxtının özünü təmsil etmir, məsələn, nəyə görə kağız pul nişanı x miqdar iş saatını təmsil etmir – sualı sadəcə belə bir sualdan ibarət olur ki, nəyə görə əmtəə istehsalı əsasında əmək məhsulları gərək əmtəə forması alsın, zira əmtəə forması məhsulların əmtəələrə və pul əmtəəsinə bölündüyünü bildirir; yaxud belə bir sualdan ibarət olur ki, nəyə görə xüsusi əmək bilavasitə ictimai əmək, yəni öz əksliyi hesab edilə bilməz. Əmtəə istehsalı əsasında ,iş pulunun" bayağı utopizm olduğunu mən başqa bir yerdə müfəssəl nəzərdən keçirmişəm. („Siyasi iqtisadın tənqidinə dair“, səh. 61 və sonrakılar. [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci kəşri. 13-cü cild, səh. 67 və sonrakılar]). Burada ancaq onu qeyd edim ki, məsələn, Ouenin „iş pulunu” da „pul“ adlandırmaq, deyək ki, teatr biletinin də bela adlandırılması qədər əsassızdır. Ouen bilavasitə ictimailəşdirilmiş əməyi, yəni əmtəə istehsalına tamamilə əks olan istehsal formasını nəzərdə tutur. İş qəbzi ancaq, istehsalçının ümumi əməkdə fərdi iştirak payını və ümumi məhsulun istehlak üçün nəzərdə tutulan hissəsindən onun nə qədər pay istəyə biləcəyini göstərir. Lakin əmtəə istehsalını nəzərdə tutmaq və eyni zamanda da onun zəruri şərtlərini pul oyunbazlıqları vasitəsi ilə aradan qaldırmağa çalışmaq Ouenin heç xəyalına da gəlmirdi.

51
Vəhşilər və yarımvəhşilər burada öz dillərinlən bir qədər başqa cür istifadə edirlər. Kapitan Parri Baffin körfəzinin qərb sahilindəki əhali haqqında belə söyləyir: „Bu zaman“ (məhsulu mübadilə edərkən) „…onlar bunu“ (mübadilə üçün onlara təklif olunan şeyi) „iki dəfə yalayır, görünür ki, bundan sonra sövdəni müvəffəqiyyətlə bağlanmış hesab edirlər”. Şərqi eskimoslar arasında da mübadilə edən şəxs aldıqı şeyi həmişə yalayarmış. Beləliklə, dil şimalda mənimsəmə orqanıdırsa, heç də təəccüblü deyildir ki, cənubda qarın mülkiyyət yığmaq orqanı hesab edilir; məsələn, kafr varlı adamı onun qarnının yoğunluğu ilə təyin edir. Gördüyümüz kimi, kafrlar çox anlaqlı məxluqdur: əhalinin sağlamlığı haqqında İngiltərə hökumətinin 1864-cü il Hesabatında fəhlə sinfinin xeyli hissəsində piy əmələ gətirən maddələrin çatışmadığı qeyd edildiyi halda. Həmin ildə Harvey adlı bir həkim (qan dövranını kəşf edən yox) burjuaziyaya və aristokratiyaya artıq piydən xilas olmaq çarəsi göstərən fırıldaqçı reseptlər verməklə şöhrətlənmişdi.

52
2-ci nəşrə qeyd. „Qızıl və gümüş qanuna görə eyni zamanda pul, yəni dəyər ölçüsü funksiyası daşıdığı yerdə daim bunları eyni bir materiya hesab etmək üçün əbəs cəhdlər göstərilmişdir. Eyni iş vaxtının həmişə qümüş və qızılın eyni proporsiyalarında maddiləşdiyini güman etmək əslində belə güman etmək deməkdir ki, gümüş ilə qızıl eyni bir materiyadır və bunlardan az qiymətli metalın, gümüşün müəyyən miqdarı qızılın müəyyən miqdarının daim müəyyən kəsir hissəsini təşkil edir. III Eduardın hökmranlığı zamanından II Georqun zamanınadək ingilis pul tədavülü tarixi qızıl və gümüş dəyərlərinin qanuna əsasən qoyulmuş nisbəti ilə həqiqətdə bunların dəyərinin dəyişilməsi arasında baş verən uyğunsuzluq üzündən bu tədavülün pozulması hallarının fasiləsiz sırasından ibarət olmuşdur. Gah qızıl, gah da gümüş həddindən yüksək qiymətləndirilmişdir. Həddindən artıq dərəcədə aşağı qiymətləndirilən metal tədavüldən çıxarılır, əridilib külçə halına salınır və xaricə aparılırdı. Onda hər iki metalın dəyəri arasındakı nisbət qanunvericilik yolu ilə yenidən dəyişdirilirdi, lakin tezliklə köhnə nominal dəyər kimi, yeni nominal dəyər də dəyərlərin həqiqi nisbəti ilə toqquşurdu. Bizim zəmanəmizdə Hindistan və Çində gümüşə olan tələb nəticəsində gümüşə nisbətən qızılın dəyərinin hətta çox zəif və müvəqqəti olaraq aşağı düşməsi Fransada ən böyük miqyasda eyni hadisəyə səbəb oldu, yəni gümüş ixrac edilməyə və qızıl gümüşü sıxışdırıb tədavüldən çıxarmağa başladı. 1855, 1856 və 1857-ci illərdə Fransaya qızıl idxalı onun ixracından 41 580 000 funt sterlinq artıq olmuş, gümüş ixracı isə onun idxalından 34 704 000 funt sterlinq artıq olmuşdur. Həqiqətdə qanuna əsasən hər iki metalın dəyər ölçüsü olduğu və buna görə də tədiyyə zamanı hər ikisinin qəbul edilməli olduğu, – həm də hər kəsin öz arzusuna görə istər qızıl, istərsə gümüş verə bildiyi, – ölkələrdə dəyəri qalxan metal məzənnəsindən artığa gedir və hər bir başqa əmtəə kimi, onun da qiyməti həddindən yüksək qiymətləndirilən metalla ölçülür, həm də ancaq bu axırıncısı dəyər ölçüsü olur. Bu sahədə bütün tarixi təcrübə sadəcə ondan ibarətdir ki, qanuna əsasən dəyər ölçüsü funksiyasını iki əmtəənin daşımalı olduğu yerlərdə həqiqətdə bu funksiyanı həmişə bunlardan ancaq biri daşımışdır“ (Karl Marks. „Siyasi iqtisadın tənqidinə dair”. Səh. 52-53 [bax: K. Marks və F, Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 59–60]).

53
2-ci nəşrə qeyd. İngiltərədə pul ölçü vahidi olmaq etibarı ilə bir unsiya qızılın bərabər hissələrin tam rəqəminə bölünə bilməməsi kimi qəribə hal belə izah edilir: „Bizim sikkə sistemimiz əvvəlcə ancaq gümüş işlədilməsinə uyğunlaşdırılmışdı, buna görə də bir unsiya gümüş həmişə bərabər sikkələrin müəyyən miqdarına bölünə bilər; lakin ancaq gümüşə uyğunlaşdırılmış sikkə sisteminə qızıl sonralar daxil edildiyinə görə, bir unsiya qızıl bərabər qiymətli sikkələrin tam rəqəminə bölünə bilmir“ (Maclaren. „History og the Currency“, London, 1858, p. 16).

54
Məsələn ingilis funtu öz ilkin çəkisindən 1/3-dən az hissəsinə bərabərdir, Şotlandiya funtu birləşmə ərəfəsində öz ilkin çəkisinin ancaq 1/36 hissəsinə, fransız livri 1/74 hissəsinə, İspan maravedisi 1/1000 hissəsinə, Portuqaliya reysi isə daha kiçik bir hissəsinə bərabərdir.

55
2-ci nəşrə qeyd. „İndi adı ancaq ideal olaraq qalan sikkələr hər bir millətin ən qədim sikkələridir; bir zamanlar bunların hamısı real sikkə idi və bunlar real sikkə olduğuna görə, hesab da bu sikkələrlə aparılırdı”. (Galiani. „Della Moneta“, p. 153).

56
2-ci nəşrə qeyd. „Qiymət miqyası olmaq etibarı ilə qızıl da əmtəə qiymətləri kimi eyni hesab adları daşıdığına görə, məsələn, bir unsiya qızıl da bır ton dəmirin dəyəri kimi 3 funt sterlinq 17 şillinq 10 1/2 pensdə ifadə olunur, – qızılın bu hesab adlarını onun sikkə qiyməti adlandırmışlar. Buradan isə belə bir qəribə təsəvvür meydana gəlmişdir ki, guya qızıl (və ya gümüş) öz materialı ilə qiymətləndirilir və bütün başqa əmtəələrdən fərqli olaraq, qiymətini dövlət təyin elnr. Qızılın müəyyən çəki miqdarları üçün hesab adlarının təyin edilməsini səhv olaraq, həmin çəki miqdarlarının dəyərinin təyin olunması hesab edirlər” (Karl Marks. „Siyasi iqtisadın tənqidinə dair“, səh. 52 [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 59]).

57
Müqayisə et: „Pul ölçü vahidi nəzəriyyələri“. „Siyasi iqtisadın tənqidinə dair". səh. 53 və sonrakılar [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşrı, 13-cü cild, səh. 60 və sonrakılar]. „Sikkə qiymətinin qaldırılması və ya aşağı salınması haqqındakı bütün xəyallardan məqsəd budur ki, qızılın və ya gümüşün qanunla müəyyən edilmiş çəki miqdarlarına qanunla verilən pul adları dövlət hakimiyyətinin hökmü ilə daha böyük və ya daha kiçik çəki hissələrinə keçirilsin, belə ki, məsələn, gələcəkdə 74 unsiya qızıldan 20 şillinq əvəzinə 40 şillinq kəsilsin. Bütün bu xəyallar xüsusi kreditorlara və dövlət kreditorlarına qarşı sadəcə maliyyə fırıldaqları olmayıb "hər şeyə əlac edən iqtisadi vasitə" axtarıb tapmaq məqsədi güddüyünə görə, artıq Petti özünün "Quantulumcunque concerning Money. Tot he Lord Marquis of Halifax. 1682" adlı əsərində bu xəyalları çox gözəl təsvir etmişdir. Pettinin verdiyi təhlil bu məsələni o qədər mükəmməl əhatə edir ki, onun daha sonrakı xələfləri bir yana dursun, hətta bilavasitə xələfləri olan ser Dadli Nors və Con Lokk onun fikirlərini ancaq bayağılaşdıra bilmişdilər. O o cümlədən deyir: „Dekret vasitəsi ilə ölkənin sərvəti on qat artırıla bilsəydi, təəccüblü olardı ki, nəyə görə hökmdarlarımız artıq çoxdan bu cür dekretlər verməmişlər". (indicə adı çəkilən əsərdə, səh. 36).

58
"Ya da etiraf etmək lazım gələcəkdir ki, pulla götürülən bir milyonun bahası əmtəə ilə götürülən bərabər dəyərdən artıqdır”. (Le Trosne, sitat gətirilən əsər, səh. 919), deməli, „bir dəyərin bahası ona bərabər olan başqa dəyərdən artıqdır“.

59
İyeronimin səhrada gözəl qadın surətləri ilə mübarizəsinin göstərdiyi kimi, gəncliyində o öz maddi nəfsini çox çətinliklə öldürə bilirdisə, yaşa dolduqda da öz mənəvi nəfsini eyni dərəcədə çətinliklə öldürə bilirdi. Məsələn, o belə söyləyir: "Xəyalən mən xəllaqi-aləmin hüzuruna gəldim". Bir səs məndən soruşdu: "Sən kimsən?"– Dedim: "Mən xristianam". Xəllaqi-aləm qəzəblə dedi: "Yalan deyirsən, sən ancaq siseronçusan”.

60
Heraklit deyir ki, "Atəşə hər şey və atəş də hər şeyə mübadilə olunur, necə ki, qızıla əmtəələr mübadilə edilir və əmtəələrə də qızıl mübadilə olunur". (F. Lassalle. "Die Philosophie Herakleitos des Dunkeln" Berlin, 1858, Bd. I, S. 222) Lassal əsərin burasına yazdığı qeyddə, 224-cü səhifədəki 3-cü qeyddə yanlış olaraq pulu adi bir dəyər nişanı hesab edir.

61
Əvvəlcə, öz məhsulunu satmadan onu mübadilə edən qızıl və ya gümüş istehsalçısı, artıq yuxarıda dediyimiz kimi, istisna təşkil edir.

62
"Əlimizdə olan pul almaq istədiyimiz şeyləri və eyni zamanda bu pula satdığımız şeyləri təmsil edir”. (Mercier de la Riviere, sitat gətirilən əsər, səh. 586).

63
"Beləliklə, burada… dörd kənar nöqtə və sövdələşən üç fərd vardır ki bunlardan biri iki dəfə meydana çıxır" (Le Trosne, sitat gətirilən əsər, səh. 909).

64
2-ci nəşrə qeyd. Bu hadisə nə qədər nəzərə çarpsa da, çox zaman iqtisadçılar, xüsusən fritreder vuigaries bunu görə bilmir.

65
Müqayisə et: Cems Mill haqqında qeydlərim. "Siyasi iqtisadın tənqidinə dair", səh. 74–76 (bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri. 13-cü cild, səh. 79-81). Burada iqtisadi məddahlıq metodu üçün iki cəhət xarakterikdir. Birincisi, əmtəə tədavülü ilə bilavasitə məhsul mübadiləsi arasındakı fərqlərdən sadəcə sərfnəzər edərək bunları eyniləşdirməkdir. İkincisi, kapitalist istehsal prosesinə xas olan ziddiyyətləri inkar etmək cəhdləridir; buna nail olmaq üçün kapitalist istehsal agentləri arasındakı münasibətlər əmtəə tədavülündən irəli gələn sadə münasibətlərə müncər edilir. Halbuki əmtəə istehsalı ilə əmtəə tədavülü ən müxtəlif istehsal üsullarına xas olan hadisələrdir, hərçənd bunların həcmi və əhəmiyyəti heç də eyni deyildir. Deməli, biz müəyyən istehsal üsullarının hamısına aid olan ancaq abstrakt əmtəə tədavülü kateqoriyalarını biliriksə, onda biz bu istehsal üsullarının differentia specifica-sı (xarakterik xüsusiyyətləri) haqqında qətiyyən heç bir şey bilmirik, bunların haqqında heç bir şey deyə bilmərik. Siyasi iqtisaddan başqa heç bir elmdə ən adi ümumi nöqtələr belə bir iddia ilə irəli sürülmür. Məsələn, Jan Batist Sey böhranlar haqqında fikir yürütməyə girişir, amma bircə şey bilir; onu bilir ki, əmtəə məhsuldur.

66
Hətta əmtəə daim yenidən satıldıqda da, – biz hələlik belə bir haldan bəhs etmirik, – son dəfə satıldığı zamandan etibarən tədavül dairəsindən istehlak dairəsinə keçib burada yaşayış vasitəsi və ya istehsal vasitəsi olur.

67
"Onun" (pulun) "məhsullar tərəfindən ona verilən hərəkətdən başqa heç bir hərəkəti yoxdur”. (Le Trosne, sitat gətirilən əsər, səh. 885).

68
"Məhz məhsullar onu (pulu) hərəkətə gətirib tədavül etdirir… "Onun" (pulun) „hərəkət sürəti onun miqdarını əvəz edir. Pula ehtiyac olduqda, o bir dəqiqə də dayanmadan əldən-ələ keçir". (Le Trosne, sitat gətirilən əsər, səh. 915, 916).

69
"Pul… alqı və satqı üçün ümumi ölçü olduğuna görə satılmalı bir şeyi olub alıcı tapmayan hər bir adam zənn edir ki, ölkədə pul çatışmaması üzündən o öz əmtəələrini sata bilmir; buna görə də hər yerdə pul çatışmamasından şikayətlər eşidilir. Lakin bu böyük bir səhvdir… Pul çatışmamasından şikayətlənən adamlara nə lazımdır? Fermer şikayətlənir… o güman edir ki, ölkədə pul çox olsaydı, öz məhsullarını yaxşı qiymətə sata bilərdi. Deməli, ona pul lazım deyildir, satmaq istədiyi, lakin sata bilmədiyi taxıl və mal-qarasına yaxşı qiymət lazımdır… Bəs nəyə görə o bunları yaxşı qiymətə sata bilmir?.. 1) Ya ona görə ki, ölkədə həddindən çox taxıl və mal-qara vardır, buna görə də bazara gələn adamların çoxunun onun kimi bu məhsulları satmağa ehtiyacı vardır və ancaq az bir hissəsinin bu məhsulları almağa ehtiyacı vardır. 2) Ya ona görə ki, bu məhsulların adi ixracı azalmışdır… 3) Ya da ona görə ki, istehlak azalmışdır, bu da o hallarda olur ki, adamlar yoxsulluq üzündən öz yaşayışlarına əvvəlkindən az xərcləyirlər. Deməli, fermerə öz əmtəələrini satmaqda cingiltili pulun miqdarının artması deyil, bazarda həqiqətən kasadlıq doğuran bu üç səbəbin aradan qalxması kömək edə bilər. Tacir və dükançının da eynilə bu mənada pula ehtiyacı var, yəni onların öz əmtəələrini satmağa ehtiyacları vardır, bu da bazarda tələbin aşağı düşməsi nəticəsidir. Millət o zaman ən yaxşı tərəqqi edir ki, sərvətlər arası kəsilmədən əldən-ələ keçsin". (Sir Dudley North. "Discourses upon Trade. London, 1691, p. 11 – 15 passim). Herrenşvandın bütün fırıldaqçı uydurmaları ondan ibarətdir ki, əmtəənin öz təbiətindən doğan və buna görə də əmtəələrin tədavülündə meydana çıxan ziddiyyətləri guya tədavül vasitələrinin miqdarını artırmaqla aradan qaldırmaq olarmış. Lakin istehsal və tədavül prosesindəki dayanma hallarını tədavül vasitələrinin çatışmaması ilə izah etmək ancaq arada gəzən yanlış fikirlərdirsə, bu heç də o demək deyildir ki, məsələn, "regulatin of currency" ["tədavül vasitələrinin tənzimi"] sahəsindəki rəsmi hiylələr üzündən tədavül vasitələrinin həqiqətən çatışmaması özü də dayanma halları doğura bilməz.

70
"Millətin ticarəti üçün müəyyən miqdarda və ya proporsiyada pul tələb olunur: buna nisbətən pulun çox və ya az miqdarı ticarətə zərər vura bilərdi. Gümüş sikkəni xırdalamaq üçün və ya ən xırda gümüş sikkələr vasitəsi ilə icra edilə bilməyən tədiyyələri yerinə yetirmək üçün xırda pərakəndə alverdə müəyyən miqdar fartinq lazım olduğu kimi… Alver üçün lazım olan fartinqlərin sayı əhalinin sayı ilə, əhalinin mübadilə sövdələrinin nə qədər tez-tez baş verməsi və başlıca olaraq, ən xırda gümüş sikkənin dəyəri ilə müəyyən edildiyi kimi, alver üçün lazım olan pulun (qızıl və gümüş pulun miqdarı da mübadilə əməliyyatlarının nə qədər tez-tez baş verməsindən və tədiyyələrin həcmindən asılıdır”. (William Petty. "A Treatise of Taxes and Contributions". London, 1667, p. 17), A. Yunq öz " Political Arithmetic" əsərində (London, 1774) Yumun nəzəriyyəsini C. Stüarta və başqalarına qarşı müdafiə edir, bu əsərdə həmin nəzəriyyəyə xüsusi bir fəsil həsr edilmişdir: "Qiymətlər pulun miqdarından asılıdır", səh. 112 və sonrakılar. Mən „Siyasi iqtisadın tənqidinə dair“ əsərimdə, səh. 149 [bax: K. Marks, F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 149], belə bir qeyd etmişəm: O, (A. Smit) pulu tamamilə yanlış surətdə sadə əmtəə hesab edərək, tədavüldə olan sikkənin miqdarı məsələsini dinməzcə aradan qaldırır". Bu sözlər A. Smitin əsərinin ancaq o yerlərinə aiddir ki, orada pulu ex officio [xüsusi olaraq] nəzərdən keçirir. O bəzi ayrı-ayrı hallarda, məsələn keçmiş siyasi iqtisad sistemlərini tənqid edərkən, düzgün fikir söyləyir: "Hər bir ölkədə cingiltili sikkənin miqdarı orada tədavüldə olan əmtəələrin dəyəri ilə müəyyən edilir… Müəyyən ölkədə il ərzində alınıb-satılan əmtəələrin dəyəri bunların tədavülü və müvafiq istehlakçılar arasında bölünməsi üçün müəyyən miqdar pul tələb edir və bundan artıq miqdarda pulun tətbiqinə imkan verə bilməz. Tədavül kanalları labüd surətdə bunların dolması üçün kifayət edəcək qədər bir məbləği qəbul edir və heç vaxt bundan artıq miqdar pul götürə bilmir". ("Wealth of Nations", b IV, ch. 1). A. Smit öz əsərini də əmək bölgüsü haqqında ex officio mədhiyyə ilə başlayır, dövlət gəlirinin mənbələrindən bəhs edən və əmək bölgüsü məsələsini ancaq ötəri nəzərdən keçirdiyi son kitabında isə əmək bölgüsü haqqında öz müəllimi A. Ferküsonun tənqidini təkrar edir.

71
"Xalq arasında tədavüldə olan qızıl və gümüşün miqdarı artdıqca, hər millətin əmtəələrinin qiymətləri, əlbəttə, artmalıdır; deməli bu millətin malik olduğu qızıl və gümüşün miqdarı azalırsa, qiymətlər də pulun miqdarının belə azalmasına proporsional surətdə düşməlidir". (Jacob Vanderlini. "Money answers all Things", London, 1734, p. 5) Vanderlintin əsəri ilə Yumun "Essays" əsərini daha yaxından müqayisə etdikdə, heç bir şübhəm qalmadı ki, Yum Vanderlintin ümumiyyətlə çox əhəmiyyətli olan bu əsərinə bələd imiş və ondan istifadə etmişdir. Qiymətləri guya tədavül vasitələri kütləsinin müəyyən etməsi baxışına Barbonda və daha əvvəlki müəlliflərdə də təsadüf olunur. Vanderlint deyir: „Qeyri-məhdud ticarətdən heç bir əngəl doğa bilməz, onun ancaq böyük üstünlükləri ola bilər, zira ticarət azadlığının təsiri altında bir millətin nağd pulu azalarsa, –bunun da qarşısını qadağan vasitəsi ilə almaq istəyirlər, – onda pul hansı millətlərin əlinə axıb gedirsə, həmin millətlər içərisində bütün qiymətlər labüd surətdə artmalıdır, çünki pul kütləsi artır. Manufaktura istehsalımızda hazırlanan şeylərin və hər cür başqa əmtəələrin qiyməti tezliklə o dərəcədə düşər ki, ticarət balansı bizim üçün faydalı olar və beləliklə də pul geri qayıdar”. (sitat gətirilən əsər, səh. 43, 44).

72
Özlüyündə aydındır ki, hər bir ayrıca əmtəə növünün qiyməti tədavül edən bütün əmtəələrin qiymətləri məbləğinin bir ünsürünü təşkil edir. Lakin heç başa düşmək olmur ki, bir-biri ilə ortaq ölçüsü olmayan istehlak dəyərlərinin ümumi kütləsi həmin ölkədə olan qızıl və gümüş kütləsinə necə mübadilə oluna bilər. Əgər biz xəyal aləmində qanad çalıb əmtəə aləmini yeganə bir məcmu əmtəə, hər bir ayrıca əmtəəni isə onun müvafiq hissəsi kimi təsəvvür etsək, onda biz maraqlı tənlik alarıq; məcmu əmtəə = x sentner qızıla, A əmtəə məcmu əmtəənin müəyyən hissəsinə = x sentner qızılın belə bir hissəsinə. Monteskyö hərfiyyən belə də deyir: "Əgər biz dünyada olan bütün qızıl və gümüş kütləsinə dünyada olan bütün əmtəələrin məcmusunu qarşı qoysaq, bizim üçün aydın olar ki, bu məhsullardan və ya əmtəələrdən hər birinə bütün qızıl və gümüş kütləsinin müəyyən hissəsi uyğun gəlir… Fərz edək ki, dünyada məhsulların və ya əmtəənin təkcə bir növü vardır və ya satılan bircə növ vardır və bu da pul kimi bölünür. Bu əmtəənin müəyyən hissəsi bütün pul kütləsinin müəyyən hissəsinə uyğun olar: bütün əmtəənin yarısı bütün pulun yarısına uyğun olar və i. a… şeylərin qiymətlərinin müəyyən edilməsi həmişə öz əsası etibarı ilə şeylərin məcmusu ilə nişanların məcmusu arasındakı nisbətdən asılıdır". Bu nəzəriyyəni Rikardo ilə onun şagirdlərindən Cems Mill, Lord Overston və başqalarının daha da inkişaf etdirməsi barəsində bax: "Siyasi iqtisadın tənqidinə dair", səh. 140–146 və səh. 150 və sonrakılar [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 140–146, 149 və sonrakılar]. C-b Con Stüart Mill özünəməxsus eklektik məntiqlə eyni zamanda həm öz atası Cems Millin baxışlarını, həm də tamamilə əks baxışları əsas tutur. Məsələn, onun "Prinsiples of political Economy" əsərinin mətni ilə özünü müasir A. Smit kimi qələmə verdiyi müqəddiməsini (1-ci nəşrə müqəddiməni) müqayisə etdikdə, bilmirsən nəyə daha çox təəccüb edəsən: bu adamın sadəlövhlüyünəmi, yoxsa onun sözünə inanıb onu A. Smit hesab edən camaatın sadəlövhlüyünə; halbuki onunla A. Smit arasında da təqribən general Uilyams Kars Karslı ilə hersoq Vellinqton arasındakı qədər bir nisbət vardır. C-b Con Stüart Millin siyasi iqtisad sahəsində nə genişliyi, nə də məzmunluluğu ilə fərqlənməyən bütün öz tədqiqatı onun 1844-cü ildə çapdan çıxan "Some Unsettled Questions of Political Economy" adlı kitabçasına yerləşmişdir. Lokk açıqca deyir: "qızıl və gümüşdə dəyər olmaması bununla əlaqədardır ki, onların dəyəri onların miqdarı ilə müəyyən olunur. "İnsanlar bu razılığa gəlmişlər ki, qızıl və gümüşə xəyali bir dəyər versinlər… bu metalların daxili dəyəri miqdardan başqa bir şey deyildir”.

73
Özlüyündə aydındır ki, sikkə gömrüyü və s. kimi təfərrüatı nəzərdən keçirmək mənim vəzifəmə əsla daxil deyildir. "Müftə" sikkə kəsən İngiltərə hökumətinin "alicənab səxavətinə" valeh olan xəyalpərəst sikofant Adam Müllerə gəldikdə, ona ser Dadli Norsun bu sözlərini qarşı qoymaq kifayətdir: "Başqa əmtəələr kimi, gümüş və qızıl da gah axıb gəlir, gah da axıb gedir. İspaniyadan müəyyən miqdar gümüş alındıqdan sonra… bu gümüş Tauerə göndərilib orada sikkə kəsilir. Bundan az sonra ixrac üçün qızıl və ya gümüş külçəsinə yeni tələb yarana bilər. Bütün metal külçəsi sikkə kəsilməyə işləndiyinə görə metal külçəsi qalmasa, onda nə etməli? Aydındır ki, yenidən sikkəni əritmək lazım gələcəkdir; bu zərərli olmayacaqdır. Axı sikkə kəsilməsi metal sahiblərinə müftə başa gəlir. Ancaq millət zərər çəkir və öz pulunu havaya sovurmalı olur. Əgər tacir (Nors özü II Karl zamanının ən böyük tacirlərindən biri idi) „sikkə kəsilməsi üçün gömrük verməli olsaydı, ciddi əsas olmadan öz gümüşünü Tauerə göndərməzdi və bu halda kəsilən sikkə gümüş külçəsindən şübhəsiz yüksək dəyərə malik olardı". (North, sitat gətirilən əsər, səh. 18).

74
Gümüş həmişə ancaq xırda tədiyyələr üçün lazım gəldiyi qədər olarsa, heç vaxt qaha iri tədiyyələr üçün kifayət edəcək miqdarda yığıla bilməz… Qızılın iri tədiyyələrdə işlədilməsi onun hökmən xırda alverdə də işlədilməsinə gətirib çıxarır: qızıl sikkəsi olanlar xırda şeylər aldıqda, qızıl sikkə verir və aldığı əmtəə ilə birlikdə qızıl sikkənin artığını gümüş pulla alır; beləliklə, əks təqdirdə xırda alverçidə yığılıb qala biləcək artıq gümüş onun əlindən çıxır və ümumi tədavüldə yayılır. Lakin xırda şeylər aldıqda pulunu qızıl xərcləmədən ödəmək üçün həmişə kifayət qədər gümüş olsaydı, xırla alverçi satdığı xırda şeylərin əvəzində ancaq gümüş alardı və gümüş labüd surətdə onun əlində toplanardı".

75
Maliyyə mandarini Van Mao-in cəsarət edib göylər allahının kölgəsinə üstüörtülü şəkildə Çin dövlət əskinaslarını xırda banknotlara çevirmək məqsədi güdən bir layihə təqdim etmişdi. Buna görə əskinas komitəsinin 1854-cü il aprel hesabatında onun yaxşıca abrını almışdılar. Bu münasibətlə ona müvafiq qədər qarğı çubuğu vurulub vurulmadığı xəbər verilmir. Hesabatın axırında deyilir: „Komitə onun layihəsini diqqətlə ölçüb-biçdikdən sonra bu qərara gəldi ki, həmin layihədə hər şey tacirlərin xeyrinədir və taxt-tac üçün xeyirli heç bir şey yoxdur". Tədavül üzündən qızıl sikkələrin daim metalı itirməsi haqqında ingilis bankının direktorlarından biri lordlar palatasının komissiyası qarşısında verdiyi öz şahid ifadəsində ("bank qanunları" məsələsi barəsində) belə demişdir: "Hər il soverenlərin (siyasi suverenlər deyil, funt sterlinqin adı olan "sovereign" nəzərdə tutulur), yeni qrupu həddindən artıq yüngülləşir. Bunlardan il ərzində tam çəkili olaraq tədavül edənlər bu müddətdə sürtülmə nəticəsində öz çəkisindən o qədər itirir ki, gələn il tərəzinin gözünə atıldıqda əskik gəlir". (House of Lords' Committee, 1848, № 429).

76
2-ci nəşrə qeyd. Pul məsələsindən yazan müəlliflərdən hətta ən yaxşılarının da pulun müxtəlif funksiyalarını nə qədər tutqun başa düşdüklərini, misal üçün, Fullartonun bu sözləri göstərir: «Bizim daxili ticarətimizdən bəhs edildikdə, adətən qızıl və gümüş sikkənin daşıdığı bütün pul funksiyalarını ancaq, qanunla müəyyən edilmiş fiktiv və şərti dəyərə malik dəyişdirilməyən kağız pul da eyni dərəcədə yerinə yetirə bilər. Bu, zənnimcə, heç kəsin inkar etməyəcəyi bir faktdır. Bu cür bir dəyər indi tam dəyərli sikkələrin ödədiyi tələbatı tamamilə ödəyə bilər və hətta dəyər və qiymət ölçüsü funksiyasını daşıya bilər, bu şərtlə ki, tədavülə buraxılan kağız pulun miqdarı lazımi həddən artıq olmasın". (Fullarion. "Regulation pf Currencies", 2 ed. London, 1845, p. 21). Deməli, pul əmtəəsi tədavüldə adi dəyər nişanı ilə əvəz oluna bildiyinə görə, o nə dəyər ölçüsü kimi, nə də qiymət miqyası kimi lazım deyilmiş!

77
Sikkə vəzifəsi, yəni ancaq tədavül vasitəsi vəzifəsi daşıyarkən qızıl və gümüşün dönüb özləri üçün bir nişan olmalarından Nikolas Barbon belə bir nəticə çıxarır ki, hökumətlərin "to raise money" [sikkənin dəyərini qaldırmaq], yəni indiyədək, məsələn, qroş adlanan bir miqdar gümüşə daha artıq miqdar gümüşün adını vermək, deyək ki, taler adlandırmaq və beləliklə də kreditorlara taler əvəzinə qroş vermək hüququ vardır. "Sikkə tez-tez əldən-ələ keçdiyinə görə sürtülüb yeyilir və yüngülləşir… Ticarət işlərində insanlar gümüşün miqdarına deyil, adına və sikkəsinə fikir verirlər… "Hökumətin nüfuzu metal parçasını pula çevirir". (N. Barbon. sitat gətirilən əsər, səh. 25, 29, 30).

78
"Pul sərvəti… pula çevrilmiş məhsul sərvətindən başqa bir şey deyildir". (Mercier de la Riviere, sitat gətirilən əsər, səh. 573). "Məhsullarda mövcud olan dəyər ancaq öz formasını dəyişdirmişdir". (yenə orada, səh. 486).

79
"Məhz bu qayda sayəsində onların bütün mallarının belə aşağı qiymətləri saxlanır". (Vanderlint, sitat gətirilən əsər, səh. 95, 96).
KAPİTAL. Siyasi iqtisadın tənqidi Карл Генрих Маркс
KAPİTAL. Siyasi iqtisadın tənqidi

Карл Генрих Маркс

Тип: электронная книга

Жанр: Общая история

Язык: на азербайджанском языке

Издательство: JekaPrint

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: KAPİTAL. Siyasi iqtisadın tənqidi, электронная книга автора Карл Генрих Маркс на азербайджанском языке, в жанре общая история

  • Добавить отзыв