Azərbaycan istiqlal mübarizəsi tarixi

Azərbaycan istiqlal mübarizəsi tarixi
Hüseyn Baykara


Müstәqil milli Azərbaycan Cümhuriyyəti dövründәn bәhs edәn bu kitab ilk dәfә 1975-ci ildә İstanbulda türk dilindә nәşr olunmuşdur. Әsәrdә Azərbaycanın Rusiya tәrәfindәn işğalı, yeni yaranan dövlәtin başına gәlәn müsibәtlәr, V.İ.Leninin “alman casusu” olması, S.Şaumyanın nә üçün Bakıya gәlməsi, ermәnilәrin vә bolşeviklәrin törәtdiklәri qırğın, türklәrin hәrbi yardımı vә s. bizә mәlum olmayan hadisәlәr, sәnədlər öz әksini tapmışdır. Kitabda hәmçinin Azәrbaycanın mühacirәtdә olan ziyalıları haqqında da geniş mәlumat var.





Hüseyn Baykara

Azәrbaycan istiqlal mübarizәsi tarixi (düzəlişlər və əlavələr edilmiş üçüncü nəşr)



Şuşada Kavalerli Şirinbəylilər kimi tanınmış və şərəfli yol keçmiş, məşhur Qarabağ nəslinin nümayəndələrinə ithaf olunur













Milli istiqlal nəzəriyyəçisi Hüseyn Baykara


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ölkəmizdə müstəqil dövlətçilik ideyasının formalaşması, həyata keçirilməsi, yaşadılması və yenidən bərpa olunmasının bir əsrlik tarixi salnaməsinin böyük bir dövrünün yekunudur. Doğrudur, Azərbaycanda istiqlal ideyası XIX əsrdən etibarən müxtəlif formada ifadə olunmuşdu. Lakin XX əsrin əvvəllərində baş vermiş böyük ictimai-siyasi hadisələr azadlıq arzusunu real milli istiqlal uğrunda mübarizə formasına gətirib çıxarmışdır.

Bütün türk-müsəlman dünyasında birinci müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti azadlıq ideyasının arzudan gerçəkliyə çevrilməsinin real nümunəsidir. Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizdə dövlət müstəqilliyinin bünövrəsidir. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdəki roluna yüksək qiymət vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması haqqında Sərəncamı dövlət müstəqilliyi ənənələrinə verilmiş yüksək siyasi qiymətin ifadəsi olmaqla bərabər, həm də ölkəmizdə müstəqil dövlətin daha da inkişaf etdirilib möhkəmləndirilməsi üçün keçilmiş yolun dərindən təhlil edilib dəyərləndirilməsinə, ibrətamiz dərslərinin öyrənilməsinə, istiqlal mücahidlərinin xatirəsinə ehtiram göstərilməsinə işıq salan mühüm əhəmiyyətə malik sənəddir.

Tərcümeyi-hal göstəricilərinə görə Hüseyn Baykara (1904-1984) Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olmasa da, müstəqil dövlətçiliyimizin tarixində şərəfli yer tutmuş bu tarixi hadisənin tərəfdarlarından və təəssübkeşlərindən biri kimi tanınmışdır. Gənc yaşlarında ikən istiqlalçı baxışları ilə diqqəti cəlb edən bu vətənpərvər Azərbaycan ziyalısı Türkiyədə siyasi mühacirətdə yaşamış, vətənpərvər bir azərbaycanlı olaraq milli istiqlal sevdasını həmişə uca tutmuş və təbliğ etmişdir. İstanbul Universitetində mükəmməl hüquq təhsili almış Hüseyn Baykara Azərbaycan Xalq Cümhuriyyətinin və onun qurucularının fəaliyyətini siyasi-hüquqi cəhətdən təhlil edib sistemli şəkildə dəyərləndirmişdir. O, Azərbaycan siyasi mühacirətinin nəzəriyyəçi qolunu təmsil etmiş, milli istiqlalçılığa dair baxışlar sisteminin formalaşdırılması yollarında fədakarlıqla xidmət göstərmişdir. Bu mənada Hüseyn Baykara milli dövlətçiliyin tarixini və nəzəriyyəsini dərindən mənimsəyib öyrənmiş tanınmış mühacir Azərbaycan ziyalısıdır. O, ölkədə və mühacirətdə ilk dəfə olaraq Azərbaycan milli istiqlalçılarının elmi təsnifatını vermişdir. Hüseyn Baykaranın müəyyən etdiyi siyasi istiqlal nəzəriyyəsi milli istiqlala gələn yolların geniş cəbhəsinin aydın surətdə dərk olunmasına işıq salır. Onun XX əsrin əvvəllərindəki azadlıq hərəkatının müxtəlif qütbləri haqqındakı baxışları mükəmməl siyasi-elmi təsnifatdır. Hüseyn Baykaranın Əhməd Ağaoğlunun islamçı, Əlibəy Hüseynzadənin türkçü-turançı, Məmməd Əmin Rəsulzadənin sosial-demokrat, Əlimərdan bəy Topçubaşovun liberal-demokrat olmalarına dair mülahizələri istiqlal mübarizəsinin çoxqütblü inkişafının mükəmməl bir modelidir. Eyni zamanda o, milli istiqlal ideyasının ümmətçilikdən milliyyətçiliyə və azərbaycançılığa doğru təkamül proseslərinin də obyektiv siyasi təsnifatını yaratmışdır. Bu fikirlər öz dövrü üçün yeni olduğu kimi, bu gün üçün də aktual və əhəmiyyətlidir. Azərbaycan milli istiqlalının tarixi inkişaf yolunun mahiyyətini dərindən dərk və şərh etmək baxımından Hüseyn Baykaranın baxışları müasir dövrdə də diqqəti cəlb edən əhəmiyyətli nəzəri qənaətlərdir.

Siyasi istiqlal düşüncəsi ilə istiqlalçı ədəbiyyatın qarşılıqlı üzvi əlaqəsi haqqında da Hüseyn Baykaranın baxışları obyektiv və cəlbedicidir. Onun fikrincə milli azadlıq hərəkatında ədəbi hərəkat siyasi mübarizəyə dəstək verərək onu tamamlamış və daha da inkişaf etməsinə ciddi təsir göstərmişdir. Hüseyn Bay-karanın XX əsrin əvvəllərindəki ədəbi hərəkatı realizm və romantizm cəbhələri üzrə təsnif etməsi elmi cəhətdən obyektiv qənaətləri ifadə edir. Ədəbiyyatda romantizmi və realist cəbhəni təmsil edənlərin fərqli mövqelərini müəyyən etmək baxımından da Hüseyn Baykaranın mülahizələri əsaslı və inandırıcıdır: “Romantiklər cəmiyyətin yaralarını sağaltmağa çalışırdılar. Realistlər isə cəmiyyətin yarasına doğrudan-doğruya neştərlər batırır və axan irini təmizləyərək cəmiyyətin yaralarını sağaltmaq üçün çalışırdılar”. O, haqlı olaraq Azərbaycan yazıçı və şairlərinin öz əsərlərində xalqın milli azadlıq arzusunu, istiqlal ideyalarını həyata keçirmək uğrunda mübarizəni irəli aparan millət qəhrəmanlarını tərənnüm etməsini milli istiqlala əsl xidmət kimi qiymətləndirmişdir.

Hüseyn Baykara siyasi baxışlarına görə milli istiqlalçı, idealı etibarilə azərbaycançı idi. O, azərbaycançılığın kamil bir ideoloqu olmuş, həyatının sonuna qədər bu ideala sadiq qalmışdır. Hüseyn Baykaranın əsərləri müasir dövrdə müstəqil dövlətçilik və azərbaycançılıq ideyalarına sədaqət düşüncəsini daha da dərinləşdirib möhkəmləndirən tarixi-nəzəri irs kimi qiymətli mənbələrdir. Bu əsərlər Azərbaycan milli istiqlalının tarixi dərslərini və nəzəri təcrübəsini yeni nəsillərə çatdırmaq və milli dövlətçilik düşüncəsi aşılamaq baxımından da müasir səslənir.

Təqdim olunan kitab Azərbaycan Xalq Cümhuriyyətindən müstəqil Azərbaycan Respublikasına qədər keçirilmiş şərəfli yolun məsuliyyətli və ibrətamiz dərslərini diqqət mərkəzinə çəkmək və daha böyük gələcəyə işıq salmaq baxımından xüsusi aktuallığa malikdir.



    İsa HƏBİBBƏYLİ
    Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik
    3 dekabr 2017-ci il




MÜƏLLİF HAQQINDA


Soranlara ben bu yurdun
Anlatayım nəsiyim:
Bən çiynənən bir ülkənin,
Haqq bağıran səsiyim.

    Əhməd Cavad

20-ci illər! Minlərlə insanın öz doğma elindən, ulusundan qovulub didərgin salındığı illər! Bu amansız illərdən, bu talesiz insanlardan danışmaq da, yazmaq da olduqca çətindir.

Bolşeviklər qanlı qırğınlardan sonra Azərbaycanda hakimiyyətə gəldilər. Onların hakimiyyəti illərində respublikamızda yüzlərlə ziyalı haqsız təqiblərə məruz qalmış, doğma yurdunu tərk etməyə məcbur olmuşdur. Əhməd Ağaoğlu, Əhməd Cəfəroğlu, Məmməd Əmin Rəsulzadə, Almas İldırım, Hüseyn Baykara, Mirzə Bala Məmmədzadə, Əbdülvahab Yurdsevər və başqaları vətən torpağından uzaqlarda yaşayıb-yaratmışlar. Ancaq bir an da Azərbaycansız yaşamamışlar, ürəklərində gəzdirmişlər Azərbaycan odunu, Azərbaycan həsrətini. Uzaqlarda yaşasalar da, ancaq vətənsiz yaşamayıblar. Ürəklərində qövr eləyən qürbət duyğusu, qəriblik ağısı şeirlərinə, əsərlərinə süzülüb axıb.

Çox təəssüflər olsun ki, uzun müddət bu istiqlal mübarizlərinin adlarını unutduq, onların Azərbaycanın azadlığı uğrunda apardıqları mübarizəyə göz yumduq. Hətta adlarının çəkilməsini belə qadağan etdik. Onlara vətənsevər olduqları halda “vətən xaini” damğası vurduq. Tanrının rəhminə min şükür olsun ki, gec də olsa, öz yanlış hərəkətlərimizi anladıq, haqq yoluna qayıtdıq, onlara özlərinin qazandığı dəyəri verdik.

Son illər unudulmuş ziyalıların həyatı və yaradıcılığı mətbuatda, televiziyada, radioda tez-tez işıqlandırılır. Belə unudulmuş ziyalılardan biri də Hüseyn Baykaradır. Əsl adı Qara, soyadı Hüseynovdur. Türkiyədə Hüseyn Baykara adı ilə çox məşhurdur. O, 1904-cü ildə Azərbaycanın dilbər guşəsi olan Şuşada anadan olmuşdur. Hüseyn Baykara 1927-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuyurdu. Onun qardaşı Surxay həmin illərdə Azərbaycan Pedaqoji İnstitutunu bitirib Qazax gimnaziyasında dərs deyirdi. (Surxay Sibirə sürgün edilmiş, 1955-ci ildə Qazaxıstanda həlak olmuşdur).

Hüseyn Baykara universitetdə oxuduğu illərdə fəallığı ilə tələbə yoldaşlarından daha çox fərqlənirdi. O, Azərbaycanın müstəqilliyi və azadlığı barədə tələbələr qarşısında tez-tez çıxışlar edirdi. Təbii ki, onun bu çıxışları bolşeviklərin, rusların buyruq qulu olan adamların xoşuna gəlmir və onu izləməyə başlayırlar. Çünki Hüseyn Baykara əvvəllər də mübarizə apardığı amallara görə həbs edilmişdi. Özünün yazdığı kimi, Bakının Staropoliseyski prospektindəki həbsxanada Azərbaycanın istiqlal şairi Əhməd Cavad ilə tanış olur və onunla sonralar dostluq edir.

Təqiblərə məruz qalan Baykara Azərbaycanı tərk etməyə məcbur olur. 1927-ci ilin baharında əvvəlcə İran, sonra isə Türkiyəyə gəlir. O, Türkiyədə İstanbul universitetinin hüquq fakültəsinə daxil olur. Universiteti bitirdikdən sonra Eləziz şəhərində hakim işləyir. Bir müddətdən sonra İstanbula gələrək prokuror vəzifəsində çalışır. O, hüquqşünas olmaqla yanaşı ədəbi fəaliyyətini də davam etdirir. Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, ziyalıları və Azərbaycan xalqının vəziyyəti haqda mətbuatda elmi, publisistik məqalələrlə çıxış edir. Onun məqalələrini oxuduqda görürük ki, söhbət yalnız və yalnız Azərbaycandan gedir. O cümlədən “Azərbaycanda erməni basqısı və Naxçıvan məsələsi”, “Azərbaycan istiqlalının 50 illiyi dolayısilə”, “Azərbaycan cümhuriyyətinin iki hərbi zəfəri”, “Azərbaycan renessansını ya-panlardan Abbasqulu ağa Bakıxanov”, “Azərbaycan istiqlal mücadiləsinin iqtisadi təməli”, “Dədə Qorqud kitabı üzərinə notlar” və sair yazılar bu qəbildəndir.

Hüseyn Baykara Azərbaycanın azadlıq hərəkatından bəhs edən bir neçə elmi kitabın müəllifidir. “XIX əsrdə Azərbaycan yeniləşmə hərəkatları” (kitab 1966-cı ildə Türk Kültürünü Araşdırma institutu tərəfindən nəşr olunmuşdur), “İran inqilabı və azadlıq hərəkatı”, “Azərbaycan istiqlal mübarizəsi tarixi” (kitab 1975-ci ildə İstanbulda buraxılmışdır).

Hüseyn Baykara “Azərbaycan istiqlal mübarizəsi tarixi” kitabında Azərbaycanın yaxın tarixini, müstəqil cümhuriyyətin az vaxt ərzində gördüyü işləri, ölkənin başına gələn fəlakətləri oxuculara çox məharətlə çatdıra bilmişdir. Müəllif bu əsərdə Azərbaycanın bolşeviklər tərəfindən istila olunmasını, ermənilərin bundan istifadə edərək Azərbaycanda qırğın törətməsini, türkiyəli soydaşlarımızın bizə etdikləri hərbi yardımı və digər hadisələri tarixi faktlar əsasında işıqlandırmışdır.

Hüseyn Baykara yazır ki, “Azərbaycan mədəniyyəti tarixi” ilə “Azərbaycan istiqlal mübarizəsi tarixi” kitablarım Azərbaycanın azadlıq mübarizəsinin əlifbasıdır. Sonra müəllif davam edərək yazır ki, “gələcəkdə Azərbaycanda bu mövzuda daha sanballı əsərlər yazılacaqdır. Azərbaycan xalqının keçmişini, azadlıq mübarizəsini öyrənənləri zaman özü yetişdirəcəkdir. O halda gələcək nəsil bu mübarizəni necə və hardan öyrənəcəkdir? Beləliklə, bu kitabları mənə yazdıran səbəblər bunlardır”.

İdeyaları uğrunda mübarizə apardığımız Lenin baba haqqında da maraqlı məlumat verilir. İllərlə səcdə etdiyimiz adam sən demə alman cəsusu imiş.

Kitabda olan maraqlı faktlardan biri də Türk ordusunun Azərbaycana hərbi yardımıdır. İsmət İnönü “Əks”, Fəxrəddin Altay “Həyat” jurnalında çap etdirdikləri xatirələrində 1918-ci il Birinci Dünya müharibəsinin axırlarında Osmanlı ordusunun Azərbaycan səfərini macəra adlandırmışdılar.

Müəllif vətəninin istiqlaliyyəti uğrunda ömrünün sonuna kimi mübarizə aparan Əhməd Cavad haqqında da lazımi bilgilər verir. Şairin işıq üzü görməyən şeirləri ilə ilk dəfə tanış oluruq. Əhməd Cavadın soydaşları ilə Bakının Yasamal dağında düşmənlərlə vuruşmasının şahidi oluruq. Milli Müstəqil Azərbaycan hökuməti Bakıda döyüş zamanı şəhid olanlara (indiki Dağüstü parkda) abidə qoymaq üçün tədbirlər görür, abidənin təməl-qoyma mərasimində Əhməd Cavad yana-yana “Qalx” şeirini oxuyur:

Qalx, qalx sarmaşıqlı məzar altından
Gəlmiş ziyarətə qızlar, gəlinlər.
Ey karvan keçidi, yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər.

Qovduqların sənin yabançı xanlar,
Qurtardı ölkəmi tökdüyün qanlar.
Bax, nasıl öpməkdə tozlar, dumanlar
Qərib məzarını, mənlə bərabər.

Hüseyn Baykara ermənilərin törətdikləri vəhşiliklərdən də ürək ağrısı ilə söz açır. Daşnaksütyun partiyasının Bakıda və Azərbaycanın digər yerlərində müsəlmanların başlarına gətirdiyi müsibətləri tarixi faktlarla qeyd edir. Adını şəhər, kənd, küçə, kolxoz, idarələrə verdiyimiz Şaumyanın “Azərbaycanın azadlığı yerinə sizə məzarlıq bəxş edəcəyəm” deməsinin şahidi oluruq.

Müəllifin özünün yazdığı kimi “Azərbaycan istiqlal mübarizəsi tarixi” kitabı onun səkkiz illik zəhmətinin məhsuludur. O, xəstə olmasına baxmayaraq kitabı tamamlamış və gənc nəslə ərmağan etmişdir. Amma kitabda bəzi yanlışlar da vardır. Bəzi coğrafi adlar, tarixi hadisələrin illəri dəqiq verilməmişdir. Hər halda müəllifi başa düşmək olar, çünki keçmiş sovetlər ittifaqı “dəmir pərdəli” ölkə olmuşdur. Bunun nəticəsində də Baykara lazım olan sənədləri əldə edə bilməmişdir. Müəllif özü də etiraf edir ki, bu kitabda bəzi yanlışlıqlar da vardır. Bütün bunlarla yanaşı kitabdan indiyə kimi bizə məlum olmayan çox şey əldə edəcəyik.

Ömrünün sonuna kimi Azərbaycanın azadlığı uğrunda mübarizə aparan, vətənə qovuşmaq arzusu ilə yaşayan azadlıq aşiqi Hüseyn Baykara 1984-cü ildə beyninə qan sızması nəticəsində vəfat edir. Hüseyn Baykara ölümündən qabaq yazdığı bir bayatıda deyirdi:

Qürbət çəkilməyən acıdır,
Vətən insanların tacıdır.
Bir gün xalqım məni anacaq,
Qürbətdə ölməyimə yanacaq.

Hüseyn Baykaranın övladları hal-hazırda Türkiyədə yaşayırlar. Oğlanları Odhan bəy jurnalist, Mehmet Surxay bəy inşaatçı, qızları Mina xanım həkim, Gülqənd xanım isə mühəndisdir.



    Elşən Türkel Əbdülhəsənli Bakı, 1992 il


BU ƏSƏRİMİ ADLARI MƏLUM OLAN VƏ MƏLUM OLMAYAN, ARALARINDA YOLDAŞLARIM OLAN AZƏRBAYCAN AZADLIQ MÜBARİZƏSİNİN ƏZİZ ŞƏHİDLƏRİNƏ İTHAF EDİRƏM!…


Düşmənlərimə müjdə, bən qəlbimdən xəstəyəm, Sonsuz həsrətlərimlə bir davamlı yasdayam. Bəni burda sanmayın, bən hər gün Qafqazdayam… Siz canımı görmərsiz, canım bu ana yurdda, Qəlbimin küllərini göndərin doğma yurda. Sovursunlar Qafqazın o coşqun rüzgarına, Bən umutsuz ölmədim, eyimsərəm yarına…

    HÜSEYN BAYKARA






ÖN SÖZ


1917-ci ilin oktyabr ayında bolşeviklər hakimiyyətə gəldikdən sonra, 1917-ci ilin noyabrın 2-də (15-i) “Sovet Xalqlarının Hüquqi Deklarasiyası”nı belə bəyan etmişdi: “Çar dövründə Rusiyada yaşayan xalqlar sistemli şəkildə bir-birlərinə qarşı çıxırdılar. Bu siyasətin nəticəsi mühümdür: “Bir tərəfdən insan qırğını və talanlar, digər tərəfdən xalqların əsarəti”.

Biri-biri ilə vuruşdurmaq üçün belə alçaq siyasətə lüzum yoxdur və bu təkrarlanmamalıdır. Bu siyasət Sovet xalqlarının “Azadlıq və ədalət” şəklində birləşmələrini yaratmalıdır.

Xalq Komissarları Soveti bu bəyannamə ilə Rusiyada millətlərarası münasibətlərdə öz fəaliyyətlərinin əsaslarını elan edir:

1 – Rusiya xalqlarının bərabərliyi və hakimiyyəti.

2 – Rusiya xalqlarının azad şəkildə öz müqəddəratlarını təyin etməsi (ayrılmaq və müstəqil dövlət qurmaq istisna olmaqla).

3 – Bütün milli-dini imtiyazlar və milli məhdudiyyətlər aradan götürüləcək.

4 – Rusiyada yaşayan azsaylı xalqlar və etnik qrupların suverenliyi qorunacaqdır.

1917-ci il dekabrın 16-da (3) Sovet hökuməti bütün Rusiya və Şərqdəki müsəlman zəhmətkeşlərinə çağırış edərək belə bir qərar vermişdir: “Öz milli həyatınızı müstəqil və maneəsiz olaraq qurun. Bu sizin hüququnuzdur. Onu da bilin ki, sizin hüququnuz Rusiyanın bütün xalqlarının hüququ kimi inqilab və onun hakimiyyəti tərəfindən qorunacaqdır”.

Bəyannaməni V. İ. Lenin başda olmaqla Sovet hökuməti imzalamışdır. 1918-1919 və 1920-ci illərdə keçirilən müxtəlif konqreslərdə bu haqda şəxsən V. İ. Lenin dönə-dönə çıxış etmişdir (Dekretı Sovetskoy Vlasti, 1957-ci il, səh. 40. Yejeqodnik Bolşoy Sovetskoy Ensiklopedii, 1972-ci il, səh. 7).

Birinci Dünya müharibəsinin maddi və mənəvi anlamda insana lazım olan hər şeyi darmadağın etdiyi bir vaxtda, bəşər tarixində görülməyən bir şəkildə Lenin və onun məsləkdaşlarının uydurduğu yalan və saxta bəyannamələr milyonlarla çarəsiz və saf insanlarda ümid yaratdı. Bu vaxta qədər Rusiya tarixində belə vədlər nə görülmüş, nə də eşidilmişdi. Lenin rus xalqının və əsarətdə yaşayan millətlərin pərişan və ruh düşkünlüyü vəziyyətinə düşdüyünü yaxşı bilirdi. Bütün uğurunu da bu uzaqgörənliyinə borclu idi.

Rus ordusuna sülh vəd edərək rus xalqını dörd il müddətində daxili müharibəyə sürükləmiş, kəndliyə torpaq vəd edərək onu “kolxoz” quruluşu adıyla başqa bir köləliyə cəlb etmiş, fəhləyə “fabriklərin sahibi olacaqsınız” deyərək şirnikləndirmiş, ən adi tətil hüquqlarından belə məhrum etmiş, onları daha da yoxsul vəziyyətə salmışdır. Bu vədlər bolşevikləri iqtidara gətirdi. İndi isə hakimiyyətdə uzun müddət qalmaq üçün rusların əsarəti altında yaşayan millətləri ələ almaq lazımdır.

Hürriyyət, ədalət, istiqlal gözləyən əsir millətləri bu şüarlarla bolşevik inqilabı aclığa, ölümə, sürgünə, kütlə halında qırğına aparacaq, milyonlarla insan məhv olacaqdır. Ancaq bütün bu zülm və terrorun adı rus siyasi terminologiyasında “qurtuluş” olacaqdır…

Yaxın illər ərzində dünya ictimaiyyəti açıq-aydın bir “rus dəsti-xətti” Şərqi Almaniya, Macarıstan və Çexoslovakiya qurtuluşu (?) yaradacaqdır, rus tanklarının köməkliyi ilə Polşa da ikinci dəfə və yenidən “xilas” olacaqdır. Dünyaya utandırıcı bir “Berlin divarı” hördürəcəkdir.

Bütün bunlar məlum məsələlərdir və bu mövzu üzərində çox dayanmaq oxucunu yora bilər. Burda bəzi hadisələrə ötəri toxunub üstündən keçəcəyik. Yüz illərin Çar Rus rejiminə qarşı üsyana qalxanlar, rus xalqının əsarətini bütün dünyaya bəyan edən, qiyama qalxan rus yazıçı və mütəfəkkirləri Tolstoylar, Dostoyevskilər və onların müasirləri idi. İndi isə rus bolşevik rejiminə qarşı istismar olunan rus xalqlarının səsinə səs verən Pasternak, Soljenitsın, Sinyavski, Saxarov və onların müasirləri meydana çıxıb. Bu nəslin köhnə çar dövrü və burjua kapitalizmi ilə heç bir əlaqəsi yoxdur. Bunlar sovet dövrünün nəslidir. Onlara əhəmiyyətsiz bir nəsil kimi baxmaq olmaz. Çünki bunlar zülm və əsarət qurucusu rejimlərinin yıxılacağından xəbər verən uzaqgörənlərdir. Bunlar əlli ildən daha az bir dövrün yetişdirdiyi və xalqın etiraz səsini yayan fədailərdir.

Rus bolşevizm əsarəti altında olan millətlərin arasında belə fədailərin yetişməsinə və üsyan bayrağını qaldıraraq millətinin haqq və azadlıq mübarizəsini aparan qəhrəmanların yetişməsi heç də şübhə doğurmasın. Lakin onların səsləri Kremlin milli kommunistlərinin qurduqları “dəmir pərdəni” yırtıb bizə və dünyaya ayaq aça bilmirlər.

İstər çar dövrü, istər sovet dövrü, menşevik və ya eserlər olsun, artıq rus əsarətində olan millətlər, bunların heç birindən özlərinə nə qurtuluş, nə azadlıq gələ biləcəyinə inanmırdılar. Plexanov və Martovun təmsil etdiyi Rus Sosial-Demokrat partiyasının proqramında azacıq da olsa insan haqları haqqında bir maddə göstərilməmişdir (Milyukov: Rossiya na perelome. Səh. 218-219, Paris, 1922). Eserlər 1906-cı ilin yanvar konqresində proqramlarında əsarətdə olan millətlərin guya haqlarının qorunması barədə bəndlər qəbul etsələr də, 1917-ci ilin fevralında Kerenski bu bəndlərin heç birisində verdiyi vədlərdən millətlərə verməmişdir (Proqramma Partii Sotsialistov Revolyutsionerov –1911, səh. 7). Qyubnerin coğrafi statistikasına görə 1925-ci ildə dünyada 68 müstəqil dövlət var idi (Prokopoviç, səh. 10). Keçən il Birləşmiş Millətlər Təşkilatının 25 illiyi qeyd olunan zaman dünyada müstəqil dövlətlərin sayının 130-a çatdığı qeyd olunurdu. Əlli ildə dünya üzrə müstəqil dövlətlərin sayı iki dəfə çoxaldığı halda rus əsarətində olan xalqlardan və ya türkmənşəli xalqlardan biri də bir dövlət kimi müstəqil ola bilməmişdir.

Etnik sarıdan iliklərinə qədər kommunist olmayan və tam türk olan və ya sovet rus dövlətinin siyasi və taktiki oyunlarına aldanmayan hər bir kəs Sovetlər ölkəsində insan hüquqlarına hörmət göstərildiyini və hüquqi baxımdan federativ muxtar idarənin varlığını qəbul edə bilməz.

Nəşr etdirdiyim “Azərbaycan istiqlal mübarizəsi tarixi” adlı bu kitabım səkkiz illik zəhmətimin məhsuludur. “XIX əsrdə Azərbaycanda yeniləşmə hərəkatları” adlı ilk kitabım “Türk Mədəniyyəti Araşdırma İnstitutu” tərəfindən 1966-cı ildə nəşr edilmişdir. Azərbaycan haqqında Azərbaycandan kənarda bu mövzuda kitab yazmaq üçün əvvəlcə mənbə tapmaq baxımından çətin bir işdir, bunun üçün geniş çevrəyə malik olmaq gərəkdir. Daha başqa maneələri, üzücü hadisələri burada hər xırdalığı ilə göstərməyi yersiz bilirəm. Mənim bu iki kitabımda nöqsanların olacağını danmaq istəmirəm. Yalnız bunu söyləyə bilərəm ki, bu kitabları oxumaq zəhmətinə qatlaşan və maraq göstərən oxucular, bu kitablarda Azərbaycan İstiqlal Mübarizəsinin nə olduğu haqqında əsaslı biliklər əldə edəcəklər. Bu kitabda istinad etdiyim bəzi əsərlərin Sovet Rusiyasında nəşri, yayılması qadağan olunmuşdur. Rus Sovet rejimi xalqların keçmişinə aid nə varsa unutdurmağa çalışır. Azərbaycanda bolşevik anlamında istiqlal, azadlıq, ədalət, sosial islahatlar (?), bir sözlə, nə varsa hamısı Leninin qurduğu Sovet rejimindən gəlmişdir, guya əvvəllər xalq arasında bu səmtdə heç bir iş görülməmiş təbliğatı aparılırdı. Bu şərtlər altında yazıçılar Sovet rejimindən əvvəlki Azərbaycanın siyasi tarixinə olduğu kimi müraciət edə bilməzdilər. Mənim bu kitabda tapıb nəşr etdiyim mənbələr və hadisələrdən nə Azərbaycanda, nə də xaricdə heç kəs məlumatlı deyil.

Bütün nöqsanları ilə nəşr etdiyim iki kitab – “Azərbaycan mədəniyyət tarixi” ilə “İstiqlal mübarizəsi tarixi” – Azərbaycanın azadlıq mübarizəsinin əlifbasıdır. Gələcəkdə bu mövzuda daha sanballı yazanlar çıxacaqdır. Zaman Azərbaycan xalqının keçmişini və mübarizəsini aparanları və bunu bilənləri getdikcə unutduracaqdır. Beləliklə, gələcək nəsil mübarizəni necə və hardan öyrənəcəkdir? Mənə bu kitabları yazdıran səbəblər məhz bunlardır.

Bu kitabı yazdığıma görə ətrafımda olan yaxın və uzaq dostlarım məni qınayırdılar. Mənə: “Sən kimə qarşı çıxırsan? Bax, ABŞ prezidenti Ford Vladivostoka Brejnevi ziyarətə gedir.”

Bu cür qısa görüşlər və araşdırmalara belə şərh verirəm: Tarixin qəribə hadisələri və sürprizləri olur. Sabahın tarixi də çox sürprizlərlə dolu olacaq. Birinci Dünya müharibəsində qələbə sərxoşluğu altında mövcud olan Anqlo-saksonlar (İngiltərə və Amerika) Fələstində yəhudilərə bir yurd, sonra isə bir İsrail dövləti qurdular. Bu tarixi hadisə Amerika və Qərb dünyasında XX əsrin son kvartalının əvvəlində neft böhranını yaratdı. İngiltərənin təkəbbürlü və zülmkar imperialist imperatorluğunu məhv etdi.

Birinci Dünya müharibəsi zamanı Alman Baş qərargahı Rusiyanı içdən çökdürmək məqsədilə hər cür yardım göstərərək şəxsi qatarda Leninin İsveçə keçməsi üçün şərait yaratdı. Lenin Rusiyanı daxildən yıxdı və bir Sovet dövləti yaratdı. Brest-Litovsk müqaviləsinə əsasən almanlara istədiklərini verərək rusları alçaldan bir sülh müqaviləsi imzaladı və almanlar istəklərinə çatdıqlarını zənn etdilər. Leninin qurduğu Sovet dövləti Brest-Litovsk müqaviləsindən 25-26 il sonra Böyük alman dövlətini ikiyə, Berlini isə dörd hissəyə parçaladı.

Tarix boyunca bu son baş verənlər dövrün ən qabarıq iki hadisəsidir.

Sovet Rus İmperiyasını araşdırarkən rus millətinin rus ana torpaqlarında və ətrafda cəmi 130 milyon olduğunu göstərmişdik. Bu rus xalqının hamısının sovet rejimindən razı qaldığı anlamına gələ bilməz. Hətta kommunistlərin içində belə məmnun olmayan çoxluqlar mövcuddur. Leninin vəd etdiyi kommunist cənnəti iflasa uğramışdır.

Bu gün Sovet İttifaqında yaşayan 250 milyon əhalinin hüquqları Moskvanın Kreml sarayında oturan şovinistlər tərəfindən kobudcasına pozulmaqdadır. Görəsən bu vəziyyət nə vaxta qədər davam edəcək? Bax, əsl məsələ budur… Hər zaman söylədiyim və yazdığım kimi Rus inqilabı bitməmişdir.

Kitabın bir neçə yerində qeyd etdiyim kimi, Azərbaycan istiqlal mübarizəsinin “panislamizm” və ya “pantürkizm” ilə heç bir ideoloji əlaqəsi yoxdur. Hər demokratik dövlətdə olduğu kimi, vaxtilə Azərbaycanda da belə partiyalar fəaliyyət göstərmişdir. İndi bu partiyalar və proqramları yalnız tarix səhifələrində görmək olar.

Bolşevik rus ordusu Azərbaycanı işğal etdikdən sonra Azərbaycan istiqlal mübarizəsi İkinci Dünya müharibəsinə qədər gizli fəaliyyət göstərmiş və zaman-zaman dağlarda və çöllərdə qanlı üsyanlarla davam etmişdir.

Beləliklə azərbaycanlılar üçün çox ağır şəraitdə 20 il sürən bu mücadilə dövründə heç bir ölkədən və ya dövlətdən kiçik bir yardım Azərbaycana edilməmişdir.

Azərbaycanın işğalının 50 illiyində, 1970-ci ildə Brejnevin sadiq marşalı Qreçko və “KQB” rəhbəri general Andropovla birlikdə qəfil Bakıya gəlməsi və Azərbaycan xalqına sanki göz dağı verirmiş kimi Napoleon sayağı jestlərlə Rus işğalçı ordusunun Bakının geniş küçələrini keçməsinin şərəfinə böyük plakatlar çəkdirmiş və bu Azərbaycanın yaxın və uzaq qonşularının gözündən yayınmayaraq yaddaşlara həkk olunmuşdur.

Bu mücadilənin içində olan bir istiqlalçı üçün öz xalqının əsirlik tarixini yazmaq nə qədər acıdırsa, xalqını əsarətdən qurtarmaq üçün səyini və qurtuluşa inanmasını da görmək o qədər təsəlli vericidir.

Sağlığım, yaşım və əhatəmin əlverişli olmadığı bir dövrdə bu işi tamamlamağa güclü əsəb lazım idi. Kitabda bəzi düzəliş və sözlərə görə kimsəni qınamıram. Mövzu Türkiyə mətbuatı üçün o qədər nabələddir ki…

Kitabımı bitirərkən “Azərbaycan istiqlal mübarizəsi”nin məlum olan və məlum olmayan əziz şəhidlərinə Ulu Tanrıdan çox rəhmətlər diləyirəm. Əziz və müqəddəs şəhidlərimiz, mübarizə davam edir və edəcəkdir…



    Hüseyn Baykara Şişli – İstanbul, 28/5/1975


MUXTARİYYƏT HEKAYƏSİNDƏN…


YAXINDA DİLDARIN NƏSİB OLMASA,
ÜMİDSİZLİK MƏNİ DÜŞÜRMƏZ YASA.
ALARAQ ƏLİMƏ DƏMİRDƏN ƏSA,
BİR GÜN HÜZURUNA GƏLƏCƏYƏM MƏN!

    ƏHMƏD CAVAD
    Azərbaycan şairi

İstiqlal, o sönməyən bənzəyər bir məşələ,
Könüllərdə yerləşər, gözlərdə sönsə belə..!

    Gültəkin (Emin Abid)
    Azərbaycan şairi






ŞİMALİ AZƏRBAYCAN COĞRAFİYASI VƏ İQTİSADİYYATI


Şimali Azərbaycan Qafqazın cənub-şərq hissəsində yerləşən və bu gün Sovet Sosialist Respublikaları İttifaqına daxil olan on beş ölkədən biri sayılır. Bu ölkə şərqdə Xəzər dənizi, şimalda Dağıstan, şimal-qərbdə Gürcüstan, cənub-qərbdə Ermənistan respublikaları, cənubdan İran Azərbaycanı ilə əhatələnib. Köhnə Rusiya imperiyasının Bakı və Gəncə qəzası ilə Yerevan vilayətinin Zəngəzur və Şərur qəzaları köhnə İlisu xanlığını tərkibində olan Zaqatala bölgəsi Azərbaycanın şimal ərazisini təşkil edir. Bununla bərabər, Xəzər dənizi sahilində yerləşən Abşeron (Avşaran) yarımadası ətrafında yerləşən Nargin və Vulf kimi adalar, Qızıl Ağac körfəzindəki Sarı Ada, Duvan və bir çox kiçik adalar da Azərbaycana aiddir. Qafqazdakı Azərbaycanın sahəsi Azərbaycan Cümhuriyyətinin 1919-cu ildə nəşr etdiyi bir statistikaya görə 94,137 kvadrat kilometrdir. Müstəqil Azərbaycan Cümhuriyyəti ordu işğalı altında 1920-ci ildə Sovet Sosialist Respublikaları İttifaqına daxil olunduqdan sonra isə ərazi dəyişikliyi edildiyindən sahəsi kiçilmişdir. Bu arada Qarayazı ilə Borçalı Gürcüstanın tərkibinə salınmış, Qazaxın bir hissəsi ilə Zəngəzur qəzası Ermənistana birləşdirilmiş, Naxçıvana isə Azərbaycanın tərkibində qalaraq muxtariyyət verilmişdir.

Orta əsrlər islam tarixçi və coğrafiyaçılarının “Şirvan”, “Arran”, “Muğan” və alban adlarını verdikləri ölkələr sonradan Azərbaycan ünvanı altında toplanmışdır. Zəngin təbii sərvətlərilə bir çox xüsusiyyətlərə malik olan şimali Azərbaycan əksər dövrlərdə gah İran, gah Osmanlı dövlətlərinin, sonda isə, yəni 1828-ci ildən etibarən tamamilə rusların idarəsi altında qalmışdır. 1917-ci ildə Rus inqilabı qələbə çaldıqdan sonra, 28 may 1918-ci ildə Müstəqil Azərbaycan Cümhuriyyəti elan edildi. İki il davam etdikdən sonra Şimali Azərbaycan Qızıl Ordu vasitəsilə işğal edilərək 1920-ci ildə Sovet Sosialist Respublikaları İttifaqına zorla qatılmışdır.

Azərbaycan torpaq strukturu etibarilə bir-birindən fərqli müxtəlif təbii ərazilərə ayrılır. Şərq hissəsi düzənlik, qərb, cənub-qərb hissəsi isə zirvələri qarla örtülü yüksək dağlar, yaylalardan ibarətdir. Azərbaycanın şimal hissəsini Abşeron yarımadasındakı kiçik təpələrə söykənən Qafqaz dağlarının cənub-şərq ucu təşkil edir. Abşeron yarımadasında daşlı və alçaq ovalıqlarla yanaşı ara-sıra bəzi təpələr də yüksəlir. Yarımadanın müəyyən ərazisində böyük iqtisadi əhəmiyyətli neft yataqları vardır. Qaynar suları, yanar qazları ilə zəngin olan bu ərazi bir atəş yurdudur. Burada yer titrəmələri əskik olmur. Ərazidəki kiçik adaların əksəriyyəti bu titrəmələr zamanı yeraltı təzyiqlər nəticəsində yüksələrək, dəniz üzərinə qalxmışdır. Bu zonaya Bakı, Quba, Şamaxı ilə yanaşı Nuxa və Zaqatala qəzalarının şimal hissəsi də daxildir. Mərkəzi hissəsini bütün məmləkət boyunca uzanan Kür ovalığı təşkil edir. Kürün hər iki tərəfi geniş çöllərdən ibarətdir. Muğan, Qarabağ, Şirvan, Hacınohur, Şirak və Borçalı çöllərini əhatə edən bu ərazidə su az olduğu üçün bitki örtüyü olduqca seyrəkdir. Ərazi Mingəçevirdə, Kür çayı üzərində tikilən bəndlər vasitəsilə suvarılır. Bu ərazinin Xəzər dənizi sahillərinə yaxın hissəsində dəniz səviyyəsindən 26 metr alçaq olan yerlərə, böyük çöküntülərə təsadüf edilir. Bu ərazi Kür və Araz çaylarının gətirdiyi münbit torpaqla örtülüdür. Buraya Qazax, Ağdam, Ağdaş, Salyan, Şamaxı, Nuxa, Zaqatalanın cənubu, Şamxor ilə Gəncə qəzalarının şimal hissəsi daxildir. Azərbaycanın cənub-qərb hissəsini kiçik Qafqaz dağları əhatə edir. Kiçik Qafqaz dağları Qarabağdan Salyana qədər Kür çayı boyunca əzəmətli bir dağ silsiləsi halında yüksəlir. Bu zonaya Dağlıq Qarabağ, Cəbrayıl qəzası, Şamxor və Gəncə qəzalarının cənub hissəsi daxildir. Lənkəran istiqamətində Azərbaycanın cənub-qərb hissəsi Talış sıra dağlarının şərq yamacları ilə əhatə olunmuşdur. Lənkəranın arxasından yüksələn Talış dağları cənubda İranın Gilan vilayətinə qədər uzanır. Bura Azərbaycanın ən çox yağıntı düşən, yayı isti olan məhsuldar zonasıdır.

Şimali Azərbaycan kontinental iqlimə malikdir. İqlim, müxtəlif zonalarda dəniz səviyyəsindən yüksək və ya alçaqlığa, böyük və kiçik Qafqaz dağlarının təsirinə görə bir-birindən fərqlənir. Şərqdə Muğan çölləri və məşhur Aşağı Kür hövzəsi isti ölkələrə məxsus bir iqlimə malikdir. Qərbdə və cənub-qərbdə zirvələri həmişə qarla örtülü olan yüksək dağlarda və dağ gədiklərində qış şimal ölkələrindəki qədər sərt keçir. Kür və Araz çaylarının aşağı hissələrindəki geniş, alçaq oylaqların iqlimi quru və isti olur (orta dərəcə ÷13:15, ən isti ayda ÷25°, ən soyuq ayda isə -2°-dir).

Yaz bu yerlərə tez gəlir. Yayı isti, qışı mülayim və az qarlı keçir. Belə iqlim şəraiti köçərilərə ilin bütün fəsillərində mal-qaranı otlaqlara çıxarmağa imkan verir. Bu ərazidə yağıntı ümumiyyətlə azdır. Kiçik Qafqaz dağlarının yamacları, eləcə də Qarabağ soyuq iqlimə malikdir. Buranın qışı çox sərt (-10°) və uzun olur. Xəzər dənizi sahilindəki göl və bataqlıqlara ildə 300 mm (Cavad-270, Bakı-228, Ələt-189), daha yüksək olan qərbdəki çöllərə isə (yəni Mil və Qarabağ çölləri) 300-dən 450 mm-ə qədər yağıntı düşür. Böyük və Kiçik Qafqaz dağlarının yamaclarında yağıntı daha çox olur. Lənkəran isə iqlim baxımından tamamilə fərqlənir. Dağ silsiləsindən ibarət olan bu zonaya yağıntı daha çox düşür (ildə 1220 mm-ə qədər). Yay ayları yağıntısız, quraq keçir. Bu yerlər subtropik iqlimə malikdir.

Araz və Kür Azərbaycanın başlıca çaylarıdır. Xəzər dənizinə axan kiçik çaylardan başqa bu iki çay da Xəzərə tökülür. Kür və Araz çayları Azərbaycanın həm təbiətində, həm də iqtisadiyyatında böyük rol oynayır. Kür çayı Gürcüstandan Azərbaycan ərazisinə daxil olduqdan sonra Şirvan və Qarabağ zonalarını bir-birindən ayırır. Uzunluğu 1330 km olan Kür çayı Bankə qəsəbəsi ərazisində Xəzər dənizinə tökülür. Şərqi Anadoluda Pasin suyu adı ilə Bingöl dağlarından axan Araz çayı Qala suyu və soldan Arpa çayı ilə birləşərək daha da gurlaşır. Arpa çayı ilə yuxarı Araz, Türkiyə-Ermənistan, aşağı Araz isə Azərbaycan-İran sərhədlərini təşkil edir. Arazın uzunluğu təqribən 1100 km-dir. Suyu şirindir, bol cins balıqlara malikdir. Azərbaycanın başlıca gölləri, qərbdə Göyçə gölü və Kəpəz dağının ətəyində yerləşən Göygöldür. Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olub səthi 1400 km²-dir. Göyçə gölü alabalıqları ilə məşhurdur. Göygölün eni bir km, uzunluğu 2,5 km-ə qədərdir. Bu iki göldən başqa şərqdə, Bakı ətrafında ölkənin duz ehtiyaclarını təmin edən duz gölləri vardır.

Şimali Azərbaycan təbii sərvət baxımından ehtiyaclarını özü ödəyə bilən ölkələrdəndir. Azərbaycan Respublikası iqtisadiyyat baxımından cənubi Qafqaz respublikalarının ən zənginidir. Neft Bakı şəhərinin ən başlıca məhsullarından biridir. Qədim ərəb tarixçiləri Bakını “arzun-nefata” (neftli torpaq) adlandırırdılar. Bu gün həyatda mühüm rol oynayan neft ərəblər zamanında da məlum idi. Bakı neftindən Dərbəndin (Babül-Əbvab) müdafiəsində istifadə olunması ərəb mənbələrində qeyd edilir. Marko Polo da Bakı ətrafındakı bu neft mənbələrindən məşhur səyahətnaməsində bəhs edir.

Bir çox zamanlar bəsit üsulla az miqdarda neft istehsal olunurdu. İstehsal mexanikləşdirildikdən sonra neft hasilatı daha da artdı. Birinci Dünya müharibəsindən əvvəl Bakı nefti dünya neft istehsalında ikinci yerdə gedirdi. Burğu maşınları gecə-gündüz fəaliyyətdə idi. Bakıdan Sabunçu və Suraxanıya uzanan yol boyunca neft quyularının hündür qüllələri böyük meşəni xatırladırdı. Sovet hakimiyyəti dövründə Bakıda “Neft daşları” deyilən ərazidə dənizdən neft çıxarılmağa başlanmışdır.

Bakı və onun ətraf rayonları Azərbaycanın iqtisadiyyatında çox mühüm rol oynamış və oynamaqda davam edir. Neft Bakıdan dəmir borular vasitəsilə (890 km) Batumi limanına göndərilir, oradan da xarici ölkələrə ixrac edilir. Neft təkcə Abşeron yarımadası ilə Bakı ətrafında deyil, Azərbaycanın digər rayonlarında da çıxarılır.

Şimali Azərbaycanda neftdən başqa müxtəlif metallar da çıxarılır. Onlardan misi, dəmiri, kobaltı, qurğuşunu (Qarabağda), kömürü, maqneziti, natrium sulfatı, göl və qaya duzlarını, cüzi miqdarda qızıl və gümüşü (Qarabağda) göstərmək olar. Mis Qafqazda, ən çox Zəngəzur və Gəncədə istehsal olunur. Gədəbəy və Qafanda da (Zəngəzurda yerləşir) mis mədənləri vardır. Dəmir mədəni Gəncə ərazisində (Daşkəsəndə) mövcuddur. Cavad xanın zamanında Gəncə ətrafında dəmir əridən ocaqlar fəaliyyət göstərirdi. Naxçıvanda qaya duzu, Abşeron yarımadasında və Bakının şimalındakı göllərdən göl duzu istehsal edilir. Ağstafada olan çayların yatağındakı qumlardan və bir də mis mədənlərindən az miqdarda qızıl alınır. Bundan başqa, Şamaxının yaxınlığında yerləşən Nail dağında, Gədəbəydə və Qərbi Aroqva dərələrində də qızıl mövcuddur.

Bu metallarla yanaşı, az miqdarda kükürd (Gəncə ərazisində), maqnezit (Kəpəz dağı ətəyindəki Çaykənd ətrafında), alüminium istehsalına yarayan alunit (Gəncə daxilindəki Zəylikdə), natrium-sulfat, zəy (Şamxorda), sumbata Gəncə (Qaraqulaqda) və azbest Sarıbaba (Şuşada) vardır.

Azərbaycandakı düzənliklərin çoxu yovşan bitən şoran çöllərdən ibarətdir. Ancaq Kür və Araz çaylarının sahillərində qovaq, söyüd ağaclarından ibarət meşələr vardır. Böyük və Kiçik Qafqaz dağlarında da meşələr var və bu meşələr 2000 m yüksəkliyə uzanır. Daha yuxarı hissələrdə çəmənlik sahələri başlayır.

Talış dağlarının yamacları demək olar ki, tamamilə meşə ilə əhatə olunmuşdur. Subtropik iqlimə malik olan Talış ərazisi müxtəlif bitkilərlə örtülüdür. Bunların arasında ipək akasiya, dəmirağacı və s. mövcuddur. Kür və Araz hövzələrinin sahil boyu aşağı bataqlıq ərazisində qarğı və qamış bitir. Lənkəranın iqlimi isti ölkələrə məxsus bitkilərin yetişdirilməsinə imkan verir. Yüksək ərazilərdə istiliyin azalmasına görə bitkilərin həyat dövrü 6-8 həftəyə qədər məhdudlaşır. Meşələrdəki ağaclar yarpağı tökülənlər və şam cinsinə aiddir.

Şimali Azərbaycanın heyvanat aləmi də zəngindir. Burada dağ keçisindən tutmuş tülkü, dovşan və ayıya qədər hər cür vəhşi heyvanlara, müxtəlif növ quşlara rast gəlmək olar. Çöllərdə ceyran saxlanılır. Talış meşələrində pələng, kaftar və böyük kir-piyə təsadüf olunur. Qamışlıq və kolluqda vəhşi donuza, çaqqala, vəhşi pişiyə daha çox rast gəlinir. Şimaldan uçub gələn müxtəlif quşlar Xəzər dənizinin sahilindəki göllərdə və bataqlıqlarda qışlayırlar. Kür və Araz çayı boyunca yerləşən rayonlarda balıq ovlamaq üçün böyük imkanlar vardır. Bu çaylarda balıq olduqca çoxdur. Salyan şəhəri mühüm balıqçılıq mərkəzidir. Naqqa, ağbalıq, çəki kimi müxtəlif cinsli dadlı balıqlar tutulub konservləş-dirilir, kürü istehsal olunur. Çox miqdarda istehsal olunan qara kürü xarici ölkələrə ixrac edilir.

Azərbaycanda ipəkçilik Zaqafqaziyanın digər rayonlarında olduğu kimi, əsrlərdən bəri məlumdur. İxrac edilən bu məhsul ölkənin iqtisadiyyatında böyük rol oynamışdır. Bu işlə məşğul olan əsas rayonlar Nuxa, Göyçay, Ağdam, Zaqatala qəzaları ilə yanaşı Dağlıq Qarabağ və Naxçıvandır. 1927-ci ildə 1400 ton barama istehsal edilmişdir. Əvvəllər Azərbaycan ipək toxumunu əsasən Bursadan alırdı. Aşağı növlü tütünün 9/10-u əsasən Zaqatala və Nuxa qəzasında əkilir. Bunlardan başqa, ölkənin ehtiyacını ödəyəcək miqdarda meyvə, tərəvəz yetişdirilir. Yerli xalq arasında isə qarpız əkininə rəğbət daha çoxdur. Ölkədə yetişdirilən qarpızlar geniş miqyasda xarici bazarlara çıxarılır. Biyan bitkisi əsasən Kür və Araz çaylarının vadilərində yabanı halda bitir. 8-16 min tona qədər tədarük edilən bu məhsulun demək olar hamısı İngiltərə və Amerikaya göndərilirdi.

Azərbaycanın iqtisadiyyatında heyvandarlıq da mühüm yer tutur. Heyvandarlıq sadəcə olaraq əkinçiliyin yardımçı bir qolu olmayıb, müstəqil bir sənət kimi böyük rol oynamaqdadır. Hələ də azərilər arasında köçəri və yarıköçəri halında heyvandarlıq sənəti qorunub saxlanılmaqdadır. Çünki Şimali Azərbaycanda olan çəmənliklər, isti iqlimə malik çöllər buna imkan verir. Böyük və Kiçik Qafqaz dağlarının ətəkləri başdan-başa otlaqlardan ibarətdir. Çöllər isə qışlama üçün əlverişlidir. Heyvan sürüləri yazda yüksək dağlıq zonalara çıxarılır, payızda isə arana endirilir. Xalq həyatında və hətta ədəbiyyatda özünə yer tapan bu hə-yat tərzi azəri türkləri mühitində “dağ köçü”, “aran köçü” təbiri ilə məşhurdur.

Şimali Azərbaycanda, əsasən Bakıda nefttəmizləmə zavodlarından başqa tütün fabrikləri, bez fabriki, sement, un, konserv zavodları mövcud olduğu kimi, Şəkidə, Gəncədə, Şamaxı və Naxçıvanda (Ordubad) da ipək fabrikləri vardı. Gəncə, Kürdəmir və başqa yerlərdə pambıqtəmizləyən, çiyid yağı istehsal edən zavodlar fəaliyyət göstərirdi. Qubada, Şirvanda, Qarabağda və digər yerlərdə gözəl və dünya şöhrəti qazanmış səccadə (ibadət xalçası), kilim və xalçalar toxunurdu. 1920-ci ildən sonra bu müəssisələr ruslar tərəfindən zəbt edildi. Şimali Azərbaycanın ixracatını neft, sənaye yağları, buğda, arpa, pambıq, yun, ipək, balıq, kürü, biyan kökü, tütün, yağ, zəfəran, küncüt, üzüm, meyvə, heyvan, mis, xalça, kilim təşkil edir. Bunlardan başqa, qədimdən mövcud olan yerli ormanlardan palıd, qoz ağacları ixrac edilirdi. Kür çayının sahillərində yetişən biyan kökü Gəncədə zavodda emal edildikdən sonra maye halında Avropaya göndərilirdi. Azərbaycanda iqtisadi inkişaf hələ çar hakimiyyəti dövründən meydana gəlmişdir. Bu inkişaf 1905-ci il inqilabının təsiri ilə ən yüksək dərəcəyə çatmış və bu tarixdən etibarən türklər ticarət sahəsinə atılaraq böyük tərəqqiyə nail olmuşlar. Şimali Azərbaycan vaxtı ilə dünyanın ən mühüm tranzit ölkələrindən biri idi.

Şimali Azərbaycanda nəqliyyat vasitələri böyük üstünlük təşkil edir. Dəmir yolları tamamilə dövlətə məxsusdur. Azərbaycanın daxilindəki dəmir yollarının ümumi uzunluğu 1000 km-ə qədərdir. Azərbaycanda üç əsas dəmir yol xətti mövcuddur. Birincisi, şimal-şərqdə Bakı-Dərbənd xəttidir ki, bunun uzunluğu 200 km-dir. Bu xətt Bakıda Xəzərin qərb sahilini əhatə edir. İkincisi, Bakı-Tiflis-Batumi xəttidir.

Qafqaz dəmir yollarının əsası olan bu xəttin ümumi uzunluğu 950 km-dir. Bunun 471 km-i Azərbaycanın ərazisinə düşür. Bakını Batumi ilə birləşdirən bu xətt, orta Azərbaycanı başdan-başa qət edir və geniş çöllərdən keçir. Bu xətt boyunca yerləşən qəsəbələr ölkənin iqtisadiyyatında böyük rol oynayır. Üçüncü xətt Bakı-Culfa xəttidir. Bu xəttin Azərbaycan daxilindəki uzunluğu 408,5 km-dir. Digər xətlərə nisbətən hələ təzə olan bu xətt Qaradonludan (indiki İmişli rayonu) başlayaraq Gümrüyə (keçmiş Leninakan) qədər Arazın sol sahilini əhatə edir. Ermənistan və Türkiyə sərhədlərinə qədər uzanan bu dəmir yolu bir neçə hissəyə ayrılır. Bunun bir hissəsi Culfadan Təbrizə qədər uzanmışdır.



M.S.Ülkütaşır. Şimali Azərbaycanın coğrafiyası. İslam Türk Muhitülmaarifi, c. 1, N:45, səh. 707-712.

Prof. Əhməd Zəki Vəlidi. Azərbaycanın tarixi coğrafiyası. Azərbaycan yurd bilgisi, İstanbul, 1932.

Bolşaya Sovetskaya Ensiklopediya, c. 1, Moskva, 1926.




SOVET MƏNBƏLƏRİNƏ GÖRƏ YAXIN SON İLLƏRDƏ AZƏRBAYCANIN İQTİSADİYYATI


Azərbaycanın ərazisi 86,6 km² -dir. 5,5 min km


Naxçıvan və 4,4 min km² olan Dağlıq Qarabağ torpaqları da bu rəqəmə daxildir. Əhalisi 5,3 milyondur (1972-ci il statistikasına görə). 60 sənaye ərazisinə bölünmüşdür. Azərbaycanda 59 şəhər və şəhər tipli 120 qəsəbə vardır. Azərbaycanın paytaxtı Bakı şəhəridir, əhalisi 1291,5 mindir. Azərbaycanda etnik tərkib belədir: azərbaycanlılar 73,8%, ruslar 10%, erməni 9, 4% və qalan miqdarları isə başqa millətlər təşkil edir (1970-ci il statistikasına istinad edilir).

Bir milyon üç yüz on beş min nəfər fəhlə, məmur və sənətkar sənayedə və kənd təsərrüfatı sahələrində çalışır (bu miqdar 1970-ci ilə nəzərən 42 min nəfər çoxdur). Ölkədə 1971-ci ildə bir milyard 220 milyon manat gəlir əldə olunmuşdur (türk lirəsi ilə 20 milyard lirə). 1971-ci ildə kənd təsərrüfatı sahəsində 859 milyon manat gəlir əldə edilmişdir (təxminən 13 milyard lirə).

1971-ci ildə 381 min ton pambıq istehsal olunmuşdur. 1972-ci il yanvarın 1-də Azərbaycanda 429 sovxoz və 948 kolxoz vardı. Kolxozlardan yeddisi balıqçılıqla məşğul olurdu. Kənd təsərrüfatı sahəsində 1971-ci ildə 504 min ton kimyəvi gübrə istifadə edilmişdi. 1970-ci ilə görə 1971-ci ildə milli gəlir 4% artmışdı.

Xüsusilə yun, ipək, toxuculuq, xalçaçılıq, trikotaj, ayaqqabı, soyuducu, süd məhsulları, bitki yağları, üzümçülük və başqa sahələrdə məhsul istehsalı çox artmışdır.

1970-ci il statistikasına görə beş milyon yüz on bir min nəfərin 2 511 milyonu şəhərdə, 2 550 milyonu isə kənddə yaşayırdı. Azərbaycanda hər km²-ə 58,7 nəfər düşür. Naxçıvanda 211,1 min əhali vardır, 35 000 nəfəri şəhərdə yaşayır. Dağlıq Qarabağın 154 000 əhalisi vardır. Xankəndinin (Stepanakert) əhalisi isə 31,6 mindir.

1971-ci ildə sənaye məhsullarının istehsalı belədir:








Kənd təsərrüfatı məhsullarının əkildiyi torpaq sahəsinin miqdarı:








İribuynuzlu heyvan məhsulu:



1. İnək 614,4 min baş və camış 1575 min baş

2. Qoyun və keçi 4477,9 min baş

3. Donuz 121,2 min baş

4. Dəniz məhsullarının miqdarı nədənsə hesaba alınmamışdır. Bunlara balıq, qara, qırmızı kürü və başqa məhsullar aiddir. Quşçuluq da hesaba alınmamışdır.


Heyvandan əldə olunan məhsul:








Yuxarıda göstərilən bütün statistik məlumatlar 1971-ci ilə aiddir (Yejeqodnik Bolşoy Sovetskoy Ensiklopedii. 1972-ci il, səh. 98, 99, 100). Metaldan istehsal olunan məhsullar göstərilməmişdir.

Çox təəssüflər olsun ki, Azərbaycanda istehsal olunan məhsulların çoxu ölkədən aparılır, məhsulun çox az hissəsi ölkə da-xilində qalırdı. Gəlin bunun əvəzində Sovet İttifaqının Azərbaycana verdiyi maddi yardıma baxaq:

1972-ci ildə Azərbaycan Respublikasının büdcəsi 1.398.583 min manat olmuşdur. Yəni bir milyard 398 milyon manat. İngilislərin bir lirəsi iki manatdır, demək Azərbaycanın 1972-ci ildə illik büdcəsi ingilis lirəsi baxımından 799 milyon manat olmuşdur. Siz Azərbaycanın Sovet İttifaqına verdiyi məhsulların ümumi miqdarı ilə yaxından tanış oldunuz. Təkcə neft on doqquz milyon ton olduğuna görə bugünkü Ərəb ölkələrinin neftdən əldə etdikləri gəlir hesablanarsa, təxmin etmək olar ki, rus imperiyasının müstəmləkəsi olan Azərbaycandan aldığı, Azərbaycana Sovet İttifaqı Plan Komitəsinin verdiyi büdcədən ən azı min beş yüz dəfə çoxdur. Bunun qarşılığı olaraq bu gün Azərbaycanın maliyyəsində 100 000 dollar miqdarında valyutası belə tapılmaz. Azərbaycanın maliyyə işlərində Türkiyənin bir vilayət maliyyəsi qədər səlahiyyəti yoxdur. Hər şey Moskvada həyata keçirilir. İllik məhsul istehsalı da Moskvada planlaşdırılır və həyata keçirilməsi üçün müstəmləkələrinə göndərilir. Kommunist partiyası yerli təşkilatlara nəzarət edir və planın yerinə yetirilməsi üçün müxtəlif üsullarla təbliğat aparır. Digər tərəfdən də KQB-nin terror qorxusu vardır. Bu iki ağır mənəvi qırmanc altında Kremldə oturan rus millətçiləri Sovet İttifaqı adı altında pərdələnən müstəmləkələrini idarə edir və onları istismar edirlər. Planları vaxtında yerinə yetirən işçiləri aldadaraq onlara Lenin ordeni və ya Sosialist Əməyi Qəhrəmanı adı verilir.

1972-ci ildə Sovet İttifaqının büdcəsi: “Gəlir 173,1 milyard, məxaric 173,6 milyard manat olmuşdur” (“Gündəlik”, səh. 71). Bu büdcənin çox hissəsi hərbi məqsədlərə sərf olunur.

Azərbaycanda yaradılan rus sənaye müəssisələri, iqtisadiyyat və hərbi strategiya düşünülmüş və planlı şəkildə həyata keçirilmişdir.

1970-ci ildə Azərbaycandan Rusiyaya daşınan mal və əşyanın miqdarı 50,30 milyon tondur. Azərbaycana göndərilən mal və əşyanın miqdarı isə 44,02 milyon ton olmuşdur. Başqa respubli-kalara Azərbaycandan göndərilən mal və əşyanın miqdarı 24,14 milyon ton olduğu halda, Azərbaycana digər respublikalardan göndərilən mal və əşyanın miqdarı isə 17,65 milyon ton həcmindədir (“Sovetskiy Soyuz”, Obşiy obzor. Moskva, 1972, səh. 756, 757, 792, 793).

1972-ci il Sovet İttifaqının statistikasına görə Azərbaycanda yaşayan əhalinin sayı 5,3 milyon olduğuna və bu əhalinin 73,8%-i azərbaycanlılar olduğuna görə yuxarıda göstərilən ingilis lirəsilə 799 milyon manat olan illik büdcədən Azərbaycan xalqının payına düşən məsrəf asanca anlaşılır.

Xatırlatmaq istəyirik ki, Azərbaycandan Rusiyaya və digər respublikalara daşınan mal və əşyalar Azərbaycanda istehsal olunan mal və əşyalardır. Rusiya Plan Komitəsinin əvvəlcədən planlaşdırdığı miqdarda da daşınmaqdadır. Azərbaycana göndərilən mal və əşyalar yuxarıda qeyd etdiyimiz kimi Sovet İttifaqı iqtisadiyyatı və hərbi strategiyasına görə Azərbaycanda qurulan sənayeyə lazım olan xammal və ya yarıhazır mallardır. Bunlar Azərbaycan xalqının ehtiyacını ödəmək üçün göndərilmirdi. Azərbaycanın torpaqları öz xalqının yeyəcəyini, geyəcəyini və yaşayışını təmin edəcək qədər bərəkətlidir.

Rusiyadan başqa Ermənistan və Gürcüstan Azərbaycanın neftindən, təbii qazından istifadə edir, amma əvəzində bu iki respublika Azərbaycana heç nə vermir.




XANLIQ, ÇARLIQ VƏ MİLLİ İSTİQLAL DÖVRÜNDƏ AZƏRBAYCANDA TORPAQ REJİMİNƏ ÜMUMİ BAXIŞ


Azərbaycanda torpaq rejimi keçirildiyi dövrlərdən asılı olaraq dəyişmiş və müəyyən formalar almışdır. Bu səbəbdən biz də bu mövzunu dövrlərə uyğun olaraq təhlil edəcəyik. Əvvəlcə, rus istilasından əvvəlki xanlıq dövrünün torpaq rejimini nəzərdən keçirməyi lazım bilirik. İkinci dövr – rus çarlıq idarəsinin Azərbaycana gətirdiyi rus mədəniyyətinin (?) orijinal inikası olan təhkimçi-köləlik torpaq rejimidir. Yəni, kəndli əkib-becərdiyi torpağın sahibi olan bəyin və ağanın köləsidir, quludur. O, hüquq baxımından torpaq mülkiyyəti ilə heç bir əlaqəsi olmadığı kimi şəxsi hüquq baxımından da torpaq üzərində heç bir hüquqa sahib deyildir və işlədiyi torpağa bağlı bir quldur. Üçüncü dövr – 1918-1920-ci illər Azərbaycan istiqlalı dövrüdür. Bu dövrdə Azərbaycanda torpaq rejimi sahəsində əsaslı dəyişiklik edilməmişdir. İyirmi aylıq istiqlal dövründə torpaq rejimini həll etməyə imkan olmamışdır. Ancaq istiqlal dövründə hökumət bütün imkanları nəzərə alaraq Müsavat Partiyasının proqramında torpağın bəylərdən, ağalardan pulsuz alınaraq xəzinə torpaqları ilə birlikdə torpaqsız kəndlilərə təmənnasız verilməsini nəzərdə tutmuşdu. Azərbaycanda torpaq rejiminin dördüncü dövrü – kommunist idarəsinin gətirdiyi kolxoz və sovxoz köləlik rejimidir. Bu rejimin çar Rusiyasının köləlik rejimindən heç bir fərqi olmamışdır. Bu quruluş nəinki Rusiyada, həmçinin Azərbaycanda və başqa rus müstəmləkələrində on milyonlarla kəndlinin qanının axmasına səbəb olmuşdur. Bu barədə bütün dünya bildiyi üçün mövzu üzərində ətraflı dayanmaq istəmirik. Kolxozun üzvü olan əkinçilər istehsal etdikləri məhsulları dövlətə təhvil verirlər. Əkinçilərin yaşamaları üçün kolxoz idarəsi nə verirsə, onunla da kifayətlənirlər. Etiraz etmək haqları yoxdur, heç bir azadlığa sahib deyillər.




XANLIQ DÖVRÜNDƏ AZƏRBAYCANDA TORPAQ REJİMİ


Xanlıq dövründə şəriət torpaq rejimini Quran və onun qanunlarına uyğun olaraq təyin edirdi. Bu rejim, həzrət Məhəmməd (s.ə.v.s.)in “Torpaq ancaq onu dirildəcək kimsələrə məxsusdur” (Mən Əhyaa ərzən meyyiten nehyü lehhədəsinə) müddəasına əsaslanırdı. Türkcə, torpaq əkənindir mənasını verir. Quran torpağın Allaha məxsus olduğunu təsdiq edir. Təcrübədə, Allahı yer üzündə təmsil edən padşahlar, xanlar torpağın həqiqi sahibi olmuşdular. Nəzəri olaraq cəmiyyətin üzvü olan hər bir adam şəriət və rəsmi torpaqdan istifadə etmək hüququna malik idi. Harada olursa olsun, şəriət boş torpaqlara bizim indi qüvvədə olan qanuna görə sahibkarlıq edirdi. Bu sahiblik üçün padşahdan, xandan və imamdan izn almaq lazım olurdu. Ancaq bəzi fonda aid olmayan boş torpaqların əkilib-becərilməsi çətinlik törədirdi. Bu torpaqlara sahiblik edən şəxs üç il ərzində həmin torpağı əkib-becərməzsə, sahiblik hüququndan məhrum olunurdu. Şəhərlərdə mülkiyyət əsasnaməsinə görə bir ev və kiçik bağa malik olmaq mümkün idi. Bu daşınmaz mallar irsiyyət şəklində varisə keçirdi. Alınıb-satıla bilərdi. Xanlıq dövründə yerdə qalan torpaqlar üç növə ayrılırdı:

1 – Boş, əhalisiz torpaqlar.

2 – Məskun yerlər (torpaqlar).

3 – Sahibi olan “xalisə” torpaqlar.

Birinci növ torpaqlar meşələrdən və qeyri-məskun torpaqlardan ibarətdir. Xanların şəxsində hökumətə aid idi.

Bu yerlər xüsusi adamlara kirayə verilə bilərdi. Meşələrdən isə hər kəs istədiyi kimi istifadə edə bilərdi. Bu torpaqlara sahib olan şəxs ondan istədiyi kimi istifadə etmək hüququna malik idi. Bu torpaqlara sahiblik etmək və bu torpaqlardan xanların aldıqları vergi üsulları müxtəlif idi. Zaqatalada dövlətə, yəni xana aid olan torpaqların məhsulundan alınan verginin onda bir hissəsinə “kəşkul” deyilirdi. Bundan başqa, verginin “qismət” deyilən di-gər bir hissəsi də vardı. Xalq yaşadığı və istifadə etdiyi torpaqların sahibi sayılırdı. Camaatdan vergiləri toplamaq və yerli xalqı idarə etmək üçün xan, bəy və məliklərdən məmur təyin edirdi. Məmur məsələsini xüsusilə qeyd etməkdən məqsədimiz budur ki, bəy və ya məliyin bu idarə haqqı irsi yolla varisinə keçə bilməzdi. Bəy türk kəndlərinə, məlik isə erməni kəndlərinə təyin olunurdu. Onlar alınan vergilərdən istifadə etmək haqqına malik idilər. Bu bəylik və məlikliyin, atadan oğula və ya qardaşdan qardaşa keçdiyi də olurdu, ancaq hər dəfə xanın bunu təsdiq etməsi lazım idi.

Bəy və ya məliklərin xalqdan aldıqları vergi “avraz” adlanırdı. Bundan başqa, bəyin özünə məxsus əkin üçün ayrılan torpaqları kəndlilər iki gün ərzində işləyib, əkməli idilər. Bəylərin ev işlərini qulluqçular və xidmətçilər görürdü. “Xalisə” adlandırılan və bəylərin mülkləri kimi hüquqi məna kəsb edən boş yerlər vardı. Bəylər bu torpaqlarda hərbi əsirləri və başqa yerdən köçən mühacirləri, qaçqınları yerləşdirmək səlahiyyətinə malik idilər. “Xalisə” mülklər irsiyyət yolu ilə varisə verilirdi. Ancaq xan dəyişdiyi zaman yeni gələn xan xalisə yerlərin sahiblərini təsdiq və qəbul etməli idi. Əks halda bəyin sahiblik haqqı ləğv olunmuş sayılırdı. Bu yerləri əkib-becərən kəndlilər bəylərə verginin otuzda dörd hissəsini verirdilər. Bu səbəbdən belə yerlər mülk adlandırılırdı. Mülk olan yerlərdən başqa İrəvan və Naxçıvan xanlıqlarında torpağa sahibliyin başqa bir forması “tiyul” adlandırılırdı. Xan, özünə yaxın olan, sarayında, xanlığında xidmət edən şəxslərə tiyul bəxş edərdi. Belə torpaqları əkib-becərən kəndlilər xanın təyin etdiyi şəxslərə verginin onda bir hissəsini verirdilər. Bu vergidən tiyul sahibi ölənə qədər istifadə edirdi. Öldükdən sonra tiyul varisə deyil, xəzinəyə qalırdı. Çünki torpaq dövlətin idi, buna görə də tiyul dövlət vergisi sayılırdı. Bəzən mülkdən alınan vergi ilə tiyul bir şəxsin əlində cəmlənə bilirdi. Bəzən də tiyul irsi haqq olaraq qəbul edilirdi, nəticədə mülk şəklinə çevrilirdi. Xanlıq dövründə olan torpaq rejimi haqqında bildiklərimiz bu qədərdir. Bununla biz xanlıq və bəylik zamanı kəndlilərin vəziyyətinin, yaşayış tərzinin yaxşı olduğunu iddia etmək fikrində deyilik. Ancaq kəndli Rusiyada olduğu kimi kölə deyildi və alınıb-satıla bilməzdi. İstədiyi zaman işlədiyi torpağı tərk edib gedə bilərdi.




ÇAR RUSİYASININ İŞĞALINDAN SONRA TORPAQ REJİMİ


Çar Rusiyasının işğalından sonra Azərbaycanın torpaq rejimi bir müddət xanlıq dövründə olduğu kimi qaldı. Rus işğalına qarşı çıxmayan bəy və ağalar əllərindəki torpaqlardan istədikləri kimi istifadə etdilər. Ancaq rus istilasına qarşı çıxan bəy və ağaların torpaqları əllərindən alınıb rus idarəçiliyinə sədaqətli olan və ona xidmət edənlərə verildi. Bu vəziyyət 1841-ci il mayın 28-nə (10 iyun) qədər belə davam etdi.

Həmin tarixdə çarın fərmanı ilə torpaqlar üzərindəki idarə hüququ bəy və ağaların əlindən alınaraq onlara aylıq maaş təyin edildi. Bu tarixə qədər ölkənin idarəsi rus hərbi üsul-idarəsi şəklində davam edirdi. Buna “komendant” idarəsi deyilirdi. Zaqafqaziya ölkəsi iki vilayət və bir mahal üzrə üç idarəyə bölünmüşdü. Bu idarəçilik 1833-cü ildə çar dövlət şurası tərəfindən təsdiq edilmişdi. Beləliklə, rusların Zaqafqaziya dedikləri Cənubi Qafqaz, mərkəzi Tiflis olan gürcü torpaqları on qəzaya ayrılmışdı və birinci vilayət adlanırdı. Azərbaycanın mərkəzi Bakı, Gəncə, Şəki, Şirvan, Qarabağ, Lənkəran, Quba qəzaları ikinci vilayət adlanırdı. Mahal isə rus idarə bölgüsündə vilayət idarəsindən kiçik olub, İrəvanı, Naxçıvanı, Gümrünü və Şaragölü əhatə edirdi. Həmin ərazilərdə azərilərlə yanaşı ermənilər də yaşayırdı.

Cənubi Qafqazda rus hərbi idarəsinin məqsədini aydınlaşdırmaq üçün təkcə azəri mənbələrindən deyil, başqa mənbələrdən də istifadə edəcəyik.

1820-ci ildə Qarabağda erməni tacirləri komendant idarəsindən təngə gəldiklərini şikayət ərizəsində belə bildirirdilər: “Qa-rabağ Mehdiqulu xanın idarəsində olarkən, biz təklif və şikayətlərimizi ona bildirərdik. O, xalq arasında olan etibar və hörmətimizə görə bizimlə yaxşı rəftar edər, xahişimizi diqqətlə dinlər və ədalətli hökm verərdi. Rus komandirləri isə cahil kəndlilər ilə bizim aramızda heç bir fərq qoymur, nəinki komendantlar, hətta onların məmurları belə bizi istədikləri kimi təhqir edir, heç bir səbəb olmadan məhkəməsiz, sorğu-sualsız, yaşımıza, xidmət və sədaqətimizə baxmayaraq bədən cəzasına məruz qalırıq, yəni döyülürük”.

Baron Qan tərəfindən I Nikolaya göndərilən raportda deyilir: “Türkiyədən Rusiyaya köçmüş ermənilər, onlara verilən yurd və torpaqlardan imtina edərək öz arzularına görə yenidən Türkiyəyə gedirlər. Qaçan ermənilərin sayı o qədər çoxdur ki, onları geri qaytarmaq üçün sərhəd hərbi hissələri artırılmışdır. Əsgərlər sərhəddə pusqu quraraq bu qaçqınların qarşısını almağa çalışırdılar”. 1829-cu ildə qraf Paskeviç çara göndərdiyi raportda yazırdı: “Ədirnə müqaviləsindən sonra 90 000 erməni Anadoludan Rusiyaya köçmək qərarına gəlmişlər. Babı Ali onları bu qərardan yayındırmaq üçün katolikos Varfolomeyi Ərzuruma göndərmişdir. Katolikosun nəsihət və tövsiyələrini dinləyən ermənilər: "Əgər həzrəti İsa göydən enib bizə getməməyi tövsiyə etsə də, qulaq asmarıq”, – cavabını vermişdilər. “Xristian dövlətinin qanadı altında yaşamaq eşqi və romantizmindən…” əl çəkməmişlər. Beləliklə, bir müddətdən sonra Türkiyəyə qaçan ermənilər komendant idarəsinin zülmündən söz açırdılar. Rus tarixçisi İvanenko Azərbaycanda xanlıqlar dövründə olan mütərəqqi müsəlman vergilərindən yazır. Sonra isə kinayəli bir tərzdə komendantlarla xanlar arasındakı fərqi izah edir: “Xanlıq dövründə qadınlara bədən cəzası verilməzdi. Rus komendantları kişilərlə birlikdə qadınları da qırmancla döyürdülər”.

1829-cu ildə Cənubi Qafqazı təftiş etmək üçün göndərilən senator Meçnikov və Kutaysov yoxlamanın nəticəsini raportlarında belə bildirirdilər: “Yüz minlərlə xalqın hüququ, namusu və mülkü komendantların kefinə tabedir. Xanlar dövründə əsasən vergi toplananda və ya başqa mükəlləfiyyətlər istəniləndə mahaldakı adət və ənənə, ictimai vəziyyət və mülahizələrə əməl olunduğu halda, komendantlar bu məsələlərdə kar və kordurlar”. Həmin senatorlar Tiflisdən o dövrdə Rusiya imperiyasının Ədliyyə naziri D.B.Daşkova göndərdikləri raportda yazırdılar: “Bu vaxta qədər topladığımız məlumatdan aydın olur ki, bilavasitə Gürcüstan ərazisində hər cür pislik, rəzalət həddini aşaraq son dərəcəyə gəlib çatmışdır. Müsəlman vilayətlərindəki idarəyə gəlincə, burada idarə edənlərin zülmü ilə idarə olunanların məzlumluğu təsəvvür olunmaz dərəcədə faciəli şəkil almışdır. İnsan ləyaqəti tapdalanmış, ədalət tamamilə unudulmuş, qanunsuzluq, cinayət, qərəzçilik, rəislərin özbaşınalığı hökm sürür”.

Nefedev adlı bir rus 1837-ci ildə Naxçıvandakı rus “ədalətini” belə təsvir edir: “İstibdad idarəsi yerləşən vilayətdə rus məhkəməsi öz əməlləri ilə hər cür ədalət duyğusunu təhqir edir. Bu məhkəmələr rus üsul-idarəsinə yeni keçmiş olan yerli xalqın və İranın nəzərində sanki rus idarəsini gözdən salmaq üçün qurulmuşdur” (bütün bu məlumatlar 1829-1860-cı illər arasında rus imperializminin Azərbaycanda yürütdüyü müstəmləkəçilik siyasətinə dair SSRİ Elmlər Akademiyasının 1937-ci ildə Moskva və Leninqradda nəşr etdiyi: “Kolonialnaya politika Rossiyskoqo tsarizma v Azerbaydjane” adlı arxiv materiallarından və bir də rus tarixçisi Pottonun “Utverjdenie Rossiyskoqo vladıçestva na Kavkaze” adlı əsərinin on ikinci cildindən götürülmüşdür).

Senator Kutaysov və Meçkinovun raportlarından, çar idarəsinin Qafqazda olan və ərazi idarəsinə təyin olunan Qan, baron Rozen, general Paskeviç və Vorontsov kimi yüksək məmurlardan alınan raportlardan aydın olur ki, komendantlıq idarəsi ləğv edilərək əvəzində mülki idarə yaradılmış, bir müddət bəy və ağaların əraziləri üzərində hüquqları əllərindən alınmış, yuxarıda qeyd etdiyimiz kimi onlara maaş təyin edilmişdi. Yeni yaradılan mülki idarənin əsasını RUSLAŞDIRMA siyasəti təşkil edirdi. Xanlıq dövründə azad olan kəndli bəy və ağaların zülmü aradan götürüldüyü üçün yenidən nisbi azadlıq əldə edirdi.

Çox keçmədən yeni mülki idarənin məmurları müstəmləkə vəziyyətində olan Azərbaycanda rüşvətxorluq etməyə, xalqın şikayət və ərizələrini süründürməçiliyə salmağa, komendant rejimindən miras qalmış zülm və işgəncəni bərpa etməyə başladılar. Belə vəziyyət hər bir məhkum millətin alın yazısıdır. Bunun üzərində çox dayanmaq da lazım deyil. Məsələnin canı bundan ibarətdir ki, rus ölkəsində kəndlilər təhkimçi-köləlik, quldarlıq rejiminə bağlı olduğu halda müstəmləkə olan Azərbaycanda necə ola bilərdi ki, kəndli azad olsun?..

İşğal edilən Azərbaycanda rus idarəsinin istinad edə biləcəyi, ona sədaqətlə xidmət edəcək bir sinif yaratmaq lazım idi. Bu sinif isə torpaqlar üzərindəki idarə haqları əllərindən alınmış və əvəzində maaşla təmin olunmuş bəylər və ağalar ola bilərdi.

General Paskeviç çar idarəsinin əsasını bu yolla möhkəmləndirməyi izah etdikdən sonra, Azərbaycanda bəy və ağalara mülkiyyət hüquqlarına görə torpaq ayırmaqla bir əsilzadə sinfi yaratmaq və onları rus müstəmləkəçiliyi ilə qırılmaz mənfəət telləri ilə bağlamaq lazım gəldiyini uzun bir raportla irəli sürdükdən sonra yazırdı: “Xəyanət edən əsilzadə ailəsinin, təbii olaraq, bütün hüquq və qulluqları əllərindən alınır, ancaq ailə üzvlərindən biri xəyanət hadisəsi gözləndiyini əvvəlcədən xəbər verərsə, xəyanətkar əsilzadəyə mənsub olan əmlak və ərazinin yarısına sahib olur”.

Azərbaycanda xanlıq dövründə kəndli heç bir vaxt kölə olmamışdır. Bunu sübut etmək üçün rus mənbələrindən istifadə etmək yerinə düşərdi. Senator Qan çara göndərdiyi raportda xalqın rus üsul-idarəsindən razı olmadığını bildirərək yazırdı: “Xalqın rus idarəsindən narazı qalmasına müəyyən ictimai səbəblər vardır.

Bu da bəylərin komendantlıq idarəsi və rus hakimiyyətindən istifadə edərək Gürcüstanda olduğu kimi kəndliləri təhkimçi, qul halına salmaq təşəbbüsləridir. Halbuki İslam dini belə vəziyyəti rədd edir, təhkimçilik Məhəmmədliyə ziddir”. (Yuxarıda qeyd olunan arxiv materialları 1936-cı il, səh. 307).



Azərbaycan tarixi ilə məşğul olan rus alimlərindən B. A. Paxomov “Azərbaycanda torpaqla bağlı sinif məsələsi” adlı əsərində yazır: “Azərbaycanda kəndlilər müstəsna halda şəxsən azaddırlar” (Azərbaycanı tədqiq və öyrənən cəmiyyətin bildirişi. N:1. Bakı, 1925-ci il, səh. 18)..

Tarixdə heç bir zaman Azərbaycan kəndlisi rus kəndlisi kimi heyvan sürüsü halında qırmancla bazara satılmaq üçün aparılmamış, səbəbsiz yerə öldürülməmiş, ailəsinə və namusuna təcavüz edilməmişdir. Ruslar Azərbaycanı işğal etdikdən sonra yaratdıqları komendant idarəsinə və rüşvət vasitəsilə komendantlarla əlbir olan bəylərin kəndlilərə etdikləri zülmə qarşı Azərbaycan kəndlisi saysız çıxışlar və üsyanlar etmişdir. Tarixin yaddaşında qalan üsyanlar bunlardır: 1830-cu ildə Car-Balakən üsyanı, 1831-ci ildə Talış-Lənkəran üsyanı, 1837-ci ildə Quba üsyanı, 1838-ci ildə Şəki, Şuşa üsyanı və başqaları.




TƏHKİMÇİLİK, QULDARLIQ, TORPAQ REJİMİNİN AZƏRBAYCANDA QURULMASI


Yuxarıda adları qeyd olunan senatorların və başqa məmurların öyüdləri və nəhayət, yaşamaqdan bezən Azərbaycan kəndlisinin, şəhər əhalisinin hissə-hissə baş qaldıraraq üsyan etmələri nəticəsində komendantlıq rejimi ləğv edildi, bəylərin, ağaların əllərindən torpaqları idarə etmək hüquqları alındı. Azərbaycan kəndlisi hüquq baxımından azadlıq əldə etdi. Deməli, adil idarə üsulu ilə kəndli əlində olan torpağı əkib-becərəcək və istehsal etdiyi məhsuldan təyin olunan miqdarda dövlətə vergi verəcəkdi. Ancaq belə bir ədalətli idarə şəkli rus çar imperializminin şərəfinə toxunurdu (?). Çünki, öz ana yurdu Rusiyada kəndlilər torpağa bağlı qul, kölə idilər.




Конец ознакомительного фрагмента.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68386321) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.


Azərbaycan istiqlal mübarizəsi tarixi Хусейн Байкара
Azərbaycan istiqlal mübarizəsi tarixi

Хусейн Байкара

Тип: электронная книга

Жанр: Документальная литература

Язык: на азербайджанском языке

Издательство: JekaPrint

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Azərbaycan istiqlal mübarizəsi tarixi, электронная книга автора Хусейн Байкара на азербайджанском языке, в жанре документальная литература

  • Добавить отзыв