Ölü canlar
Nikolay Qoqol
Ölü canlar – Ukrayna əsilli rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun 1842-ci ildə ilk cildini tamamladığı amma bitirmədiyi romanıdır. Romanın mövzusu ona Puşkin tərəfindən təklif edilmişdir. Üç cild olaraq düşünülən roman-poema əslində Dantenin İlahi Komedyasından ruhlanaraq yazılmışdır. İlk cilddə romanın baş qəhrəmanı Çiçikovun öz mənfəətləri uğruna etdiyi pisliklər əks olunmuşdur. Qoqol, cəhənnəmi izah etdiyi bu hissədən sonra cənnəti izah edəcəyi, Çiçikovun əxlaq və vicdan sahibi olduğunu göstərəcəyi ikinci cildin əlyazmalarını keçirdiyi böhran nəticəsində yandırmışdır. Daha sonra bir neçə dəfə təkrar yazmağa çalışdığı bu hissələri toplayıb dərc etmişlər.
Çiçikov, Rusiyada şəhər-şəhər gəzib, feodal qanunlara görə torpaq sahiblərinin malı olan kölə kəndlilərini satın alır. Ancaq istədiyi kəndlilər işini yaxşı bilən ya da sağlam olanlar deyil, tam əksinə ölü canlardır. Dövrün tənqid oxlarını üzərinə çəkən, feodal quruluşunun düşüncə tərziylə qarşı-qarşıya qoyan roman, bu baxımdan müəyyən təbəqə insanların həyatında çevriliş etmişdir.
Nikolay Vasilyeviç Qoqol
Ölü canlar
İlk nəşrinin titul səhifəsi
«ÖLÜ СANLAR»IN BİRİNСİ CİLDİNİN İKİNCİ NƏŞRİNƏ MÜQƏDDİMƏ
Müəllifdən oxuculara
Oxucum, sən kim olsan da, hansı bir mövqedə dursan da, hansı bir rütbə sahibi olsan da, ali məmur hörmətini qazansan da, ya adi bir təbəqədən olsan da, əgər allah sənə savadlı olmağı qismət eləmişsə və mənim kitabım sənin əlinə düşmüşsə, – səndən xahiş edirəm ki, mənə kömək edəsən.
Sənin qarşında olan və yəqin ki, birinci nəşrini oxumuş olduğun kitabda bizim öz dövlətimizdən götürülmüş bir adam təsvir edilmişdir. O, bizim rus torpağında müxtəlif yerlərə gedir, nəcibindən tutmuş ta rəiyyətə kimi, hər cür təbəqədən olan adamlara rast gəlir. O, çoxusu rusların məziyyətini və yaxşı cəhətlərini deyil, nöqsanlarını və eyblərini göstərmək üçün verilmişdir; onun ətrafında olan adamlar da yenə bizim zəif və çatışmayan cəhətlərimizi göstərmək üçün təsvir edilmişdir; yaxşı adamlar və xarakterlər o biri hissələrdə veriləcəkdir. Bu kitabda bir çox şey, həqiqətən rus torpaqlarında olduğu kimi, düzgün təsvir edilməmişdir, ona görə ki, mən hər şeyi öyrənə bilmədim: insan ömrü bizim torpaqda baş verən hadisələrin heç yüzdə birini də öyrənməyə çatmaz. Bir də ki, mənim öz bacarıqsızlığımdan və tələsməyimdən bir çox səhvlər və xətalar meydana gəlmişdir, belə ki, hər səhifədə təshih ediləsi bir şey var: oxucu, səndən xahiş edirəm, mənim səhvlərimi düzəlt. Buna etinasızlıq göstərmə. Sənin nə qədər yüksək təhsilin və ali həyatın olsa da, mənim kitabım sənin nəzərində nə qədər qiymətsiz, kitabdakı səhvləri düzəltmək, onun haqqında öz qeydlərini yazmaq sənə nə qədər xırda bir şey görünsə də, – bunu etməyi səndən xahiş edirəm. Sən də, yüksək təhsili olmayan, adi təbəqəyə mənsub oxucu, özünü, mənə heç bir şey öyrədə bilməyəcək dərəcədə nadan hesab etmə. Dünyada yaşayıb ömür sürən, dünyanı görən, insanlara rast gələn hər bir adam başqasının görmədiyi bir şey görmüş, başqası bilməyən bir şey bilmişdir. Buna görə də sən öz qeydlərindən məni məhrum etmə. Əgər bu kitabı diqqətlə oxusan, ola bilməz ki, sən orada söz demək üçün bir şey tapmayasan.
Məsələn, necə yaxşı olardı ki, zəngin həyat təcrübəsi və biliyi olan, mənim təsvir etdiyim adamlar mühitinə bələd olan şəxslərdən heç olmasa bircəciyi bütün kitab haqqında, bircə səhifəsini də buraxmadan, öz qeydlərin yaza, özü də onu oxuyanda mütləq əlinə qələm ala, qabağa bir vərəq poçt kağızı qoya, kitabdan bir neçə səhifə oxuduqdan sonra bütün öz həyatını, rast gəldiyi yoldaşlarının həyatını, gözləri önündə baş verən hadisələri, özünün gördüyü ya başqalarından eşitdiyi, mənim kitabımda təsvir edilən və ya onun əksinə bənzər şeyləri, hafizəsində necə canlanmışsa elə də yaza, hər vərəq dolduqca mənə göndərə, bütün kitabı oxuyub qurtarana qədər bunu davam etdirə. Onda bu adam mənə nə böyük bir yaxşılıq eləmiş olardı! İfadələrin üslubuna ya gözəlliyinə fikir verməmək də olar; məsələ üslubda deyil, görülən işdə və həqiqətdədir. Əgər o adam məni məzəmmət etmək, ya danlamaq, ya da bir şeyi lazımınca düşünmədən və düzgün təsvir etmədən xeyir yerinə zərər gətirdiyimi mənə göstərmək istəsə, bundan heç çəkinməməlidir.
Yenə yaxşı olar ki, yuxarı təbəqədən olan, hamıdan və həyatın özündən uzaqda yaşayan, mənim kitabımda təsvir edilən adamlar dərəcəsində təhsili olan, lakin içərisində yaşadığı həmin təbəqənin həyatına bələd olan bir adam tapıla və o adam, yuxarıda qeyd edildiyi kimi, mənim kitabımı təzədən oxuya, öz həyatında rast gəldiyi yuxarı təbəqə adamlarını fikrində canlandıra, bu təbəqələr arasında bir yaxınlıq olub-olmadığına, aşağı təbəqələrdə baş verən hadisələrin yuxarı təbəqələrdə də bəzən təkrar olub-olmadığına diqqət yetirə, bu barədə, yəni yuxarı təbəqədə baş verən və bunu təsdiq ya inkar edən hadisələrin hamısını, özü gördüyü kimi, yaza, heç bir şey buraxmaya – nə insanları, nə onların xasiyyətlərini, nə arzularını, nə vərdişlərini, nə də onları əhatə edən cansız şeyləri – paltardan tutmuş mebelə, yaşadıqları evin divarlarına kimi hər şeyi təsvir edə. Mən, xalqın on yaxşı hissəsi olan bu təbəqəni tanımalıyam. Mən rus həyatını hər cəhətdən, ya da heç olmasa mənim əsərimə lazım olan qədər öyrənməsəm, əsərimin axırıncı cildlərini verə bilmərəm.
Yenə pis olmazdı ki, insanların müxtəlif vəziyyətlərini təsəvvür etmək, ya da canlı surətdə göz önünə gətirmək, onları fikrən müxtəlif sahələrdə izləmək, bir sözlə, oxuduğu hər bir əsərdə ifadə olunan fikrin dərinliyinə varmaq və bu fikri inkişaf etdirmək qabiliyyətinə malik olan bir adam mənim kitabımda göstərilən şəxsləri diqqətlə izləyə və mənə deyə ki, filan və filan vəziyyətlərdə onlar necə hərəkət etməlidir, başlanğıca görə sonra onların başına nələr gəlməlidir, onlara necə bir yeni şərait yaratmaq olar və mənim yazdıqlarıma nəyi əlavə etmək yaxşıdır; bunların hamısını mən bu kitabın bundan daha yaxşı çapını nəşr edərkən nəzərə almaq istəyirdim.
Kim ki, öz qeydlərini mənə bəxş etmək fikrindədir – ondan mən bir şeyi çox-çox xahiş edirəm: qoy o bu qeydləri yazarkən bunu necə yazacağını, yazdığı adamın təhsilcə, zövqcə və fikircə onunla bir bərabərdə olduğunu, izahatsız da bir çox şeyləri başa düşəcəyini fikirləşməsin; lakin düşünsün ki, onun qarşısında duran adam təhsilcə ondan heç müqayisə edilməyəcək dərəcədə aşağıda durur, özünün də heç bir məlumatı yoxdur, hətta yaxşı olar ki, o mənim yerimə bir kənd cahilini təsəvvür etsin; elə bir cahil ki, onun bütün ömrü ucqar bir yerdə keçmişdir, hər şeyi ona ətraflı surətdə izah etmək lazımdır; dili də elə sadə olmalıdır ki, sanki körpə uşaqla danışır və həmişə də onun anlayacağından yüksək bir ifadə işlədəcəyindən qorxsun. Əgər mənim kitabım haqqında öz qeydlərini yazan bir adam bunları həmişə nəzərdə tutacaqsa, onda onun qeydləri özünün düşündüyündən daha əhəmiyyətli və maraqlı olacaq, mənə də həqiqətən xeyir verəcək.
Əgər ittifaqən, mənim bu səmimi xahişim oxucular tərəfindən hörmətlə qarşılansa və onların içərisində doğrudan da bunun hamısını mən istəyən kimi yerinə yetirən xoş təbiətli adamlar tapılsa, onda onlar öz qeydlərini mənə belə göndərə bilərlər: əvvəl mənim adıma paket düzəldərlər, sonra onu başqa bir paketə bükərlər, ya S.-Peterburq universitetinin rektoru Pyotr Aleksandroviç Pletnyov həzrətlərinə, bir baş S.-Peterburq universiteti ünvanına, ya da Moskva universiteti professoru cənab Stepan Petroviç Şevıryova, Moskva universiteti ünvanına, kimə hansı şəhər yaxınsa, ora göndərərlər.
Mənim kitabım haqqında əvvəllər öz fikirlərini söyləyən, lakin bir qədər mötədillik göstərməyən və hissə qapılan (bu da insan təbiətinə xas bir şeydir), bununla belə mənim həm beynimə, həm də qəlbimə böyük fayda verən jurnalistlərdən və ümumiyyətlə ədəbiyyatçılardan xahiş edirəm ki, bu dəfə də məni öz qeydlərindən məhrum etməsinlər. Mən onları lap ürəkdən əmin edirəm ki, onların məni başa salmaq, ya öyrətmək üçün söylədikləri bütün sözləri və məsləhətləri minnətdarlıq hissilə qəbul edəcəyəm.
BİRİNCİ CİLD
Birinci fəsil
Quberniya şəhəri mehmanxanasının darvazasından içəri çox qəşəng, yaylı, kiçik bir briçka[1 - Yüngül, bəzən üstüaçıq minik arabası.] daxil oldu; belə briçkaya subay adamlar: istefaya çıxmış podpolkovniklər, ştabs-kapitanlar, yüz nəfərə qədər kəndlisi olan mülkədarlar, bir sözlə, ortabab ağa adlanan şəxslər minir. Briçkada bir ağa oturmuşdu: o nə gözəldi, nə çirkin, nə çox kök idi, nə çox arıq; ona qoca demək olmazdı, ancaq çox cavan da deyildi. Onun gəlməsi şəhərdə heç bir səs-küy qaldırmadı, haqqında elə bir söz-söhbət olmadı; ancaq mehmanxana ilə üz-üzə olan meyxananın qapısı qabağında duran iki rus mujiki onun barəsində bir-iki söz dedi, bu deyilən sözlər də ekipajda oturan adamdan çox ekipajın özünə aid idi. Mujiklərdən biri o birisinə dedi: «Bir onun çarxına bax! Sən necə bilirsən: əgər, işdi, gərək olsa, bu çarx gedib Moskvaya çıxar ya yox?» O biri mujik ona belə cavab verdi: «Gedib çıxar! Amma mənə elə gəlir ki, Qazana gedib çıxmaz!» Yenə o biri mujik dedi: «Hə, Qazana gedib çıxmaz». Söhbət də bununla qurtardı. Bir də ki, briçka mehmanxanaya çatanda cavan bir oğlan göründü. Onun ayağında çox dar və qısa, ağ kanifas şalvar, əynində dəbdən düşmüş bir frak vardı; frakın altından Tula sancağı keçirilmiş döşlük görünürdü; sancaq tapança şəklində qayrılmışdı, özü də tuncdandı. Cavan oğlan dönüb ekipaja baxdı, əli ilə kartuzunu tutdu ki, külək aparmasın, sonra yenə yola düzəldi.
Ekipaj həyətə girəndə, rus mehmanxanalarında nökər deyilən xidmətçi ağanın qabağına çıxdı; nökər o qədər cəld və oynaq idi ki, hətta onun nə sifətdə olduğunu görmək olmurdu, O çox uzundu, əynində özü kimi uzun demikoton sürtuk vardı; sürtukun kürəyi az qala peysərinə çatırdı. O, əlində dəsmal yüyürə-yüyürə gəlib saçını silkələdi, allah yetirən otağı gələn ağaya göstərmək üçün onu taxta pilləkanla yuxarı apardı. Otaq adi bir otaq idi, çünki mehmanxana özü də adi bir mehmanxana idi, yəni quberniya şəhərlərində olan mehmanxanalardan idi; buraya gələn adam gününə iki manat verib, bütün künc-bucağından qara gavalıya oxşar tarakanlar baxan sakitcə bir otaq tutardı, belə otağın qonşu otağa da bir qapısı olardı, qapının qabağına həmişə bir kamod qoyulardı; bu otaqda dinməz, sakit, lakin gələn adamla son dərəcə maraqlanan, onun haqqında hər bir təfərrüatı bilmək istəyən bir qonşu yerləşərdi. Mehmanxananın xarici görünüşü daxili görünüşünə tamamilə uyğundu; o çox uzun və iki mərtəbə idi, aşağı mərtəbə suvanmadığından tünd qırmızı kərpiclər görünürdü; bu kərpiclər havanın təsirindən daha da qaralmış və çirklənmişdi; yuxarı mərtəbə solmayan sarı rənglə rənglənmişdi, aşağı mərtəbədə xamut, kəndir və ikidəstəlik rəndələr satan dükanlar vardı. Tində olan dükanda, daha doğrusu pəncərədə, ədvalı bal şərbəti satan adam və onun qırmızı mis samovarı yerləşirdi, bu adamın üzü də samovarı kimi qırmızı idi. Uzaqdan baxanda adama elə gəlirdi ki, pəncərəyə iki samovar qoyulub, ancaq bu samovarlardan birinin qətran kimi qara saqqalı vardı.
Gələn ağa öz otağını gözdən keçirənə kimi, onun şey-şüyünü, hər şeydən əvvəl ağ meşin çamadanını gətirdilər; çamadan bir qədər sürtülüb köhnəlmişdi, bu da onun birinci dəfə yola götürülmədiyini göstərirdi. Çamadanı əyninə kürk geymiş, alçaqboylu sürücü Selifanla lakey Petruşka gətirdi. Petruşkanın otuz yaşı olardı; o köhnə, gen sürtuk geymişdi, görünür bu, ağasının əynindən çıxan sürtuk idi, üzdən o bir az sərt adama oxşayırdı, çox iri dodaqları və burnu vardı. Çamadandan sonra qırmızı ağacdan qayrılmış və üzünə Karel qayınağacından bəzək vurulmuş bir qutu, çəkmə qalıbları, bir də ki, göy kağıza bükülmüş qızartma toyuq gətirdilər. Bu şeylər daşınıb qurtardıqdan sonra Selifan atlara baxmaq üçün tövləyə getdi, lakey Petruşka isə hinə oxşar çox qaranlıq, kiçik dəhlizdə yerləşməyə başladı; o öz şinelini və bu şinellə birlikdə öz xüsusi qoxusunu da gətirmişdi, bu qoxu, sonra gətirilən və içində cürbəcür lakey bəzək-düzəyi olan torbaya da keçmişdi. O üç ayaqlı, ensiz bir çarpayını bu hinə oxşar dəhlizdə, divar dibində yerləşdirdi, üstünə də yıpranmış, blin[2 - Блины (rus) – içərisinə döymə ət, kəsmik qoyulmuş yastı kökə] kimi nazik və bəlkə də elə blin kimi yağlanmış döşəyə oxşar bir şey saldı; bunu o mehmanxana sahibindən bir təhər qopartmışdı.
Xidmətçilər işləri səhmana salıb səliqə düzəldənə qədər ağa ümumi zala getdi. Bu ümumi zalların necə zal olduğunu mehmanxanalara gələn adamlar çox yaxşı bilirlər: o biri mehmanxana zalları kimi bunun da divarları yağlı boya ilə rənglənmişdi, yuxarı tərəfdən çubuq tüstüsündən qaralmış, aşağı tərəfdən də mehmanxanaya gəlib-gedən adamların, xüsusilə yerli tacirlərin kürəklərindən yağlanıb çirklənmişdi – bu tacirlər həftə bazarında altı-altı, yeddi-yeddi bura bir-iki stəkan çay içməyə gəlirlər. Buranın da tavanını his basmışdı, çoxlu asma şüşələri olan çilçıraq da hislənmişdi, nökər, dəniz sahilindəki quşlar qədər saysız-hesabsız fincan düzülmüş podnosu əlində yelləyə-yelləyə, sürtuk müşəmbəli stolların yanından yel kimi ötüb keçəndə bu şüşələr atılıb-düşür, bir-birinə dəyib cingildəyirdi. Buranın da divarlarında bütün divar boyu yağlı boya ilə çəkilmiş şəkillər vardı, – xülasə, başqa mehmanxanalarda necə idisə, burada da elə idi, yalnız bircə fərq vardı: şəkillərdən birində elə yekə döşlü bir pəri şəkli çəkilmişdi ki, oxucular yəqin ki, beləsini heç yerdə görməmişlər. Belə eybəcərliklər tarixi məzmunlu müxtəlif tablolarda olur. Bu tabloların nə vaxt, kimin tərəfindən bizim Rusiyaya gətirildiyi məlum deyil. Ola bilsin ki, onları incəsənət həvəskarı olan velmojalarımız öz kuryerlərinin məsləhətilə İtaliyadan alıb gətirmişlər. Gələn ağa başından kartuzunu götürdü, əlvan rəngli yun şarfını boynundan açdı: belə şarfları evli kişilər üçün arvadları öz əli ilə toxuyub hazırlayır və bunu boynuna necə dolamaq barədə ərlərinə əməlli-başlı öyüd verirlər. Subaylara isə, allah bilir, bunu kim hazırlayır, – mən bunu deyə bilmərəm, çünki heç ömrümdə belə şarf dolamamışam. Gələn ağa şarfı boynundan açıb nahar verilməsini tələb etdi. Ona mehmanxanada olan adi xörəklərdən, yəni şşi[3 - Щи (rus) – tərəvəz şorbası], yanınca da gələn qonaqlar üçün bir neçə həftədən bəri qəsdən qorunub saxlanılan qatlama qutab, yanı noxudlu beyin, yanı kələmli sosiska, bəslənmiş toyuq qızartması, duzlu xiyar, bir də ki, həmişə qonaqlar üçün hazır olan qatlama şirin qutab verilənə kimi – bunların bəzisi qızdırılıb, bəzisi də soyuq halda verilərdi, – bəli, bu xörəklər verilənə kimi ağa nökəri, yəni xidmətçini danışdırmağa başlayıb ondan cürbəcür boş-boş şeylər soruşurdu: bu mehmanxananın sahibi əvvəl kim idi, indi kimdir, çoxmu gəliri olur, mehmanxana sahibi çox dələduz adamdırmı? Nökər də bu axırıncı suala adəti üzrə belə cavab verdi: «Bəli ağa, çox dələduz adamdır!» İstər mədəni Avropada, istərsə də mədəni Rusiyada indi bir çox hörmətli şəxslər vardır ki, onlar mehmanxanada nökərlə söhbət etmədən çörək yeyə bilmirlər, hətta bəzən onlarla çox məzəli zarafat da edirlər. Burasını da qeyd etmək lazımdır ki, gələn ağanın nökərə verdiyi sualların hamısı boş suallar deyildi: o, şəhərdə qubernatorun, palata sədrinin, prokurorun kim olduğunu çox diqqətlə soruşdu və ümumiyyətlə mötəbər məmurların heç birini nəzərdən qaçırmadı; lakin daha diqqətlə, hətta bir az da qayğı ilə, ən mötəbər mülkədarlar haqqında suallar verdi, soruşdu ki, bu mülkədarların hər birinin neçə kəndlisi var, onlar şəhərdən çoxmu uzaqda yaşayırlar, xasiyyətləri necədir, şəhərə tez-tezmi gəlirlər; mahalın da vəziyyətini yaddan çıxartmadı: quberniyada yoluxucu qızdırma, şiddətli isitmə, çiçək və bu kimi başqa xəstəliklərin olub-olmadığını da diqqətlə soruşdu; bu şeyləri onun belə diqqətlə və belə ətraflı surətdə soruşması göstərirdi ki, burada adi maraqdan başqa bir məqsəd də vardır. Ağanın hərəkətlərində bir təmkinlik də vardı və burnunu çox bərk silirdi. Bunu o necə edirdi heç kəsə məlum deyil, ancaq burası var ki, burnu boru kimi səslənirdi. Lakin belə bir məziyyət ona mehmanxana xidmətçisi qarşısında böyük hörmət qazandırmışdı, belə ki, o hər dəfə bu səsi eşidəndə saçını silkələyərək daha hörmətlə dikəlir, vücudunun zirvəsindən başını əyərək, bir şey lazım olub-olmadığını soruşurdu. Gələn ağa nahar etdikdən sonra bir fincan qəhvə içdi və divanda oturub dalına da balış qoydu. Nədənsə rus mehmanxanalarında bu balışlara yumşaq yun əvəzinə, kərpicə və ya döşəmə daşına oxşar şeylər doldururdular. Ağa əsnəməyə başladı və öz nömrəsinə aparılmasını nökərə əmr etdi. Nömrədə uzanıb iki saat yatdı. İstirahət etdikdən sonra, mehmanxana xidmətçisinin xahişinə görə polis idarəsinə verilmək üçün, bir parça kağıza rütbəsini, adını və familiyasını yazdı. Xidmətçi pilləkəndən düşürkən kağızda höccələyə-höccələyə bu sözləri oxudu: «Kollej müşaviri Pavel İvanoviç Çiçikov, mülkədar, öz işi üçün gəlmişdir». Nökər kağızı hələ də höccələyə-höccələyə oxuyarkən, Çiçikov şəhərə baxmağa getdi; şəhər deyəsən onun xoşuna gəlmişdi, çünki o belə bir nəticəyə gəldi ki, bu şəhər başqa quberniya şəhərlərindən heç də geri qalmır: daş evlərin sarı rəngi adamın gözünü qamaşdırır, ağac evlərin boz rəngi isə sadə bir şəkildə qaralırdı. Evlər ya bir, ya iki mərtəbəli və ya mərtəbə yarım idi, hamısının da mezonini vardı, bu mezoninlər də quberniya memarlarının fikrinə görə, çox qəşəngdi. Bəzi yerdə bu evlər çöl kimi geniş küçələr, bitib-tükənməyən taxta hasarlar arasında elə bil ki, itib batırdı, bəzi yerdə isə sanki yığışaraq bir araya toplaşırdı, belə yerlərdə hərəkət, gediş-gəliş daha çox olurdu. Rəngi tamam solmuş, krendel uzunboğaz çəkmə şəkli çəkilmiş lövhələr nəzərə çarpırdı; bəzən də görürdün ki, belə bir lövhədə göy şalvar şəkli çəkilmiş, altından da Arşavski adlı bir dərzinin adı yazılmışdır; bir lövhədə də: «Xarici Vasili Fyodorov» sözləri yazılmışdı: bu, kartuz və furajka mağazası idi; lövhələrdən birində bilyard oynayan, frak geyinmiş iki adamın şəklini görürdün: belə frakları bizim teatrlarda axırıncı pərdədə səhnəyə çıxan qonaqlar geyir. Bilyard oynayanlar, əllərində kiy, bilyard daşını nişan alaraq vurmaq vəziyyətində çəkilmişdi; onların qolu bir az dala qanrılmışlı, qıçları isə, təzəcə antraşa etdiklərindən, əyri dururdu. Bu qədər şeyin altında isə ancaq bu sözlər yazılmışdı: «Bu da kefxana». Bəzən elə küçədə stol qoyub qoz, sabun və sabuna oxşayan qoğallar satırdılar. Bir aşpaz dükanı lövhəsində çəngəl batırılmış yoğun bir balıq şəkli var idi. Hər şeydən çox nəzərə çarpan qaralmış, iki başlı dövlət qartalı şəkli idi, indi bunlar ikicə kəlmə söz ilə əvəz edilmişdir: «İçki dükanı». Döşəmə yol hər yerdə pis idi. Çiçikov şəhər bağına baş çəkdi, bağın ağacları yaxşı bitmədiyindən nazik idi, hamısına da üçbucaq şəklində dayaq vurulmuşdu, lakin bu dayaqlar yağlı yaşıl boya ilə çox gözəl rənglənmişdi. Hərçənd bu ağaclar qamışdan hündür deyildi, lakin qəzetlər keçirilən şənliyi təsvir edərkən yazırdı ki, «mülki rəisin qayğısı nəticəsində salınmış bağ bizim şəhəri gözəlləşdirmişdir, bu bağ isti günlərdə yaxşı sərinlik verən iri qol-budaqlı, kölgəli ağaclardan ibarətdir və bu münasibətlə camaatın cənab qradonaçalnikə olan təşəkkürdən aşıb-daşan qəlbinin necə tir-tir əsdiyini və necə minnətdarlıq hissilə sel kimi göz yaşı axıtdıqlarını görəndə adamın ürəyi riqqətə gəlirdi». Çiçikov, lazım gələrsə kilsəyə, dəftərxanaya, qubernatorun yanına necə qısa yol ilə getməyi postda duran polis keşikçisindən ətraflı surətdə soruşub, şəhərin ortasından axan çaya baxmağa getdi; yolda dirəyə vurulmuş elanı qopartdı ki, evə qayıdanda onu əməlli-başlı oxusun; bu zaman o, taxta səki ilə gedən və üzdən heç də pis olmayan bir xanıma çox diqqətlə baxdı: qadının dalınca hərbi nökər paltarı geymiş, əli düyünçəli bir uşaq gedirdi. Çiçikov bu yerləri yaxşı yadında saxlamaq üçün ətrafında olan şeylərə bir daha nəzər salıb, bir baş öz nömrəsinə qayıtdı; pilləkənlə çıxırkən mehmanxana xidmətçisi bir balaca onun qolundan tutub, yuxarı qalxmasına kömək etdi. Doyunca çay içəndən sonra stolun qabağında oturub, şam gətirtdi, cibindən elanı çıxarıb şama yaxınlaşdırdı və sağ gözünü bir az qıyaraq oxumağa başladı. Elanda elə mühüm bir şey yazılmamışdı: cənab Kotsebunun[4 - Alman dramaturqu.] draması tamaşaya qoyulurdu. Rolla rolunu cənab Poplyovin, Kora rolunu da cavan qız Zyablova oynayırdı, başqa rolları oynayanlar bunlardan da az əhəmiyyətli şəxslərdi. Lakin Çiçikov adların hamısını oxudu, hətta parterin qiymətindən xəbər tutdu və bunu da öyrəndi ki, elan quberniya inzibati-polis dəftərxanası mətbəəsində çap olunmuşdur. Sonra elanın o biri üzünü çevirdi ki, orada bir şey yazılıb-yazılmadığını bilsin; lakin elanın o biri üzündə bir şey yazılmadığını görüb gözlərini ovuşdurdu, elanı səliqə ilə büküb bəzəkli qutusuna qoydu: o, adəti üzrə əlinə düşən hər şeyi həmin qutuya qoyardı. Günə o, deyəsən bir pay dana əti soyutması, bir şüşə kvas, bir də ki, xorultusu, geniş Rusiya dövlətinin bəzi yerində deyildiyi kimi, dünyanı başına götürən bərk bir yuxu ilə yekun vurdu.
Çiçikov ikinci günü bütünlüklə vizitlərə həsr etdi, o bütün şəhər əyanlarının görüşünə getdi. Əvvəl qubernatorun hüzuruna təşrif buyurdu, demə qubernator da onun kimi nə yoğun, nə nazik imiş; boynunda Anna[5 - Müqəddəs Anna ordeni.] varmış; deyilənə görə, ulduz[6 - Stanislav ordeni.] almağa da təqdim edilibmiş. Hər nə isə o ürəyi yumşaq adammış, hətta bəzən tül üzərində naxış da çəkərmiş. Oradan vitse-qubernatorun, sonra da prokurorun, palata sədrinin, polis rəisinin, iltizamçının, hökumət fabrikləri rəisinin yanına getdi… Çox təəssüf ki, böyüklərin hamısının adını yadda saxlamaq bir qədər çətindir. Lakin burasını qeyd etmək lazımdır ki, şəhərə yeni gəlmiş bu adam görüş məsələsində fövqəladə bir fəaliyyət göstərdi: o hətta öz hörmətini izhar etmək üçün səhiyyə dəftərxanası inspektorunun və şəhər memarının yanına da təşrif apardı. Sonra briçkada xeyli oturub, daha kimin yanına getmək haqqında düşündü, anladı ki, şəhərdə daha məmur qalmamışdı. O, böyüklərlə söhbət zamanı onların hər birinə çox məharətlə yaltaqlanmağı bacarırdı. Qubernatora sözarası işarə etdi ki, sizin quberniyaya girəndə elə bil ki, cənnətə girirsən, yollar hər yerdə məxmər kimidir və o hökumətlər ki, işə dərin ağıl sahibi olan əyanları təyin edirlər, onlar çox-çox tərifə layiq hökumətlərdir. Polis rəisinə postda duran polis keşikçiləri haqqında çox tərifli sözlər dedi. Hələ də ancaq mülki müşavir olan vitse-qubernatorla və palata sədrilə söhbət edərkən hətta səhvən onlara iki dəfə «əlahəzrət» də dedi, bu da onların çox xoşuna gəldi. Bunun da nəticəsi belə oldu ki, qubernator onu elə o gün öz evində düzələn ailə müsamirəsinə dəvət etdi; o biri məmurlar da onu kimisi nahara, kimisi boston oynamağa, kimisi də çay içməyə çağırdı.
Görünür, Çiçikov özü haqqında çox danışmaqdan çəkinirdi, danışsa da ümumi sözlərdən kənara çıxmırdı və təvazökarlıq göstərmək istəyirdi, belə hallarda onun söhbəti bir qədər kitab dilinə oxşayırdı: deyirdi ki, bu dünyada mənim heç bir əhəmiyyətim yoxdur, mən bir heçəm, mən haqqımda qayğı göstərilməyə layiq deyiləm, başım daşdan-daşa dəyib, qulluq edirkən doğru danışmaq üstündə başım müsibətlər çəkib, hətta həyatıma sui-qəsd də ediblər, indi isə dincəlmək istəyirəm, yaşamaq üçün özümə sakit bir yer axtarıram və bu şəhərə gəldikdə şəhərin baş əyanlarına hörmətimi izhar etməyi özümə vacib bildim. Şəhərdə bu yeni şəxs haqqında bundan başqa bir şey bilən olmadı. Lakin o, elə o axşam özünü qubernatorun ailə müsamirəsində göstərməyi yadından çıxartmadı. Bu müsamirəyə hazırlıq iki saatdan çox vaxt apardı: gələn qonaq üst-başına elə bir diqqət göstərdi ki, bunu hələ-hələ başqalarından görmək olmazdı. Günorta yeməyindən sonra bir az istirahət edib, əl-üzünü yumaq üçün su gətirtdi, dililə içəridən ovurdlarını şişirdərək üzünü uzun-uzadı sabunlayaraq yudu, mehmanxana xidmətçisinin çiynindən dəsmalı götürüb, əvvəl bir-iki dəfə onun üzünə fınxırdı, qulaqlarının dalından başlayaraq öz dolu sifətini hər tərəfdən sildi. Sonra ayna qabağında manişkasını döşünə taxdı, burun deşiyindən çıxan iki tükü dartıb qopartdı, mərsin rəngli, səpkili frakını əyninə taxdı. Bu qayda ilə geyindikdən sonra öz ekipajına mindi və həddindən artıq enli küçələrlə yola düşdü; bu küçələr, arabir pəncərələrdən düşən zəif işıqla işıqlanmışdı. Amma qubernatorun evi elə işıqdı ki, sanki orada böyük bir ziyafət verilirdi; fanarlı ekipajlar, qapı ağzında iki jandarm foreytorun[7 - Ekipaja qoşulmuş qabaq atlardan birinə minən sürücü.] uzaqdan gələn çığırtısı, bir sözlə, hər şey yerli-yerində idi. Çiçikov zala girəndə əvvəl gözlərini bir qədər qıymalı oldu, çünki şamların, lampaların, qadın paltarlarının parıltısı gözü qamaşdırırdı. Hər şey işığa qərq olmuşdu. Qara fraklı adamlar tək-tək, dəstə-dəstə orda-burda gəzişirdilər, onlar isti yay günlərində açıq pəncərə qabağında oturan qoca xidmətçi qadının doğradığı par-par parıldayan qənd parçaları üstündə uçuşan milçəklərə oxşayırdı; qoca ambardar qadın qəndi parçalayıb, xırda-xırda doğrayır, uşaqlar da onun başına yığışıb tamaşa edirlər, qarının kobud əli ilə çəkici qaldırıb endirməsinə maraqla baxırlar, xırda bir tərpənişdən havaya qalxan milçək eskadronları isə cəsarətlə uçub gəlirlər, sanki yerin yiyəsi onlardır, qarının koruşluğundan və gözünə gün düşüb qamaşdığından istifadə edərək bəzi yerdə tək-tək, bəzi yerdə dəstə-dəstə şirin qəndə suvaşırlar. Onlar yayın bərəkətindən toxdurlar, yay hər addımda onlara ləzzətli yeməklər hazırlayır, lakin onlar bura yemək üçün deyil, özlərini göstərmək üçün gəlmişlər ki, qənd yığını üstündə bir o yan-bu yana gəzişsinlər, qabaq ya dal ayaqlarını bir-birinə sürtsünlər, ya onlarla qanadlarının altını qaşısınlar, ya da hər iki qabaq ayaqlarını uzadıb başları üstündə bir-birinə sürtsünlər, sonra yenə də uçub getsinlər və yenə də adamı təngə gətirən eskadronlarla qayıdıb gəlsinlər.
Çiçikov yan-yörəsinə baxmağa macal tapmamışdı ki, qubernator onun qoluna girdi və elə oradaca öz arvadı ilə tanış etdi. Qonaq burada da öz ləyaqətini itirmədi: o, nə çox böyük, nə də çox kiçik rütbəsi olan orta yaşlı adama layiq bir kompliment söylədi. Rəqs etmək üçün cüt-cüt düzülən adamlar hamını divara sıxışdırdıqdan sonra əllərini dalına qoyub bir-iki dəqiqə onlara çox diqqətlə baxdı. Qadınlardan çoxu yaxşı və dəb ilə geyinmişdi, bəziləri də quberniya şəhərinə allahın yetirdiyi şeylərdən geymişdilər. Kişilər, hər yerdə olduğu kimi, burda da iki qisim idi: bir qismi nazik idi, bunlar daim qadınların yan-yörəsində hərlənirdi: onlardan bəzisi elə idi ki, bunları Peterburqdakılardan çox çətinliklə ayırmaq olardı; bunların da, Peterburqdakılar kimi, hər tərəfli düşünülərək zövq ilə daranmış bakenbardları, ya da eləcə ancaq xoş və çox təmiz qırxılmış sifətləri vardı; bunlar da Peterburqdakılar kimi etinasızcasına qadınlara yan alır, fransızca danışır, lap elə Peterburqdakı kimi qadınları güldürürdülər. İkinci qisim kişilər isə yoğun ya da Çiçikov kimi, nə çox yoğun, nə də çox nazik idilər. Bunlar, əksinə, qadınlara çəpəki baxırdılar, onlardan çəkinirdilər, elə ətrafa baxırdılar ki, görsünlər qubernatorun xidmətçiləri vist oynamaq üçün qumar stolunu düzəldirlər ya yox. Onların sifəti dolu və girdə idi, hətta bəzilərinin üzündə ət xalı da vardı, bəziləri bir qədər çopur idi; başlarında nə kəkil, nə qıvrım, nə də, fransızlar demişkən: «heç belə şey olmaz» qaydasınca düzəlmiş saç vardı: tükləri ya dibdən vurulmuşdu ya da həddindən artıq sığal verilmişdi; üzlərinin cizgiləri isə ümumiyyətlə girdə və möhkəmdi. Bunlar şəhərin hörmətli məmurları idi. Lakin, heyhat! Yoğunlar bu dünyada öz işlərini naziklərdən yaxşı qurub düzəldirlər. Naziklər çox vaxt xüsusi tapşırıq üzrə qulluq edirlər, ya da ancaq adları qulluqda olur, özləri də orda-burda veyillənirlər, onlar həddindən artıq yüngül, boş və tamamilə etibarsız bir həyat keçirirlər. Yoğunlar isə heç vaxt ara yer tutmurlar, həmişə müəyyən yer tuturlar, bir yerdə də oturdularmı, möhkəm və etibarlı otururlar, belə ki, bir şey olub eləsə, yer onların altında çatlayıb əzilə bilər, amma onlar o yerdən kəllə-mayallaq getməzlər. Onlar zahiri dəbdəbəni sevməzlər; onların əynindəki frak naziklərin əynindəki frak kimi qəşəng tikilməyib, amma ki, mücrüləri allahın bərəkətindən doludur. Naziyin üçcə ildə lombarda qoyulmamış bircə kəndlisi də qalmır; amma yoğunun işi çox səliqə ilə gedir: bir də görürsən ki, şəhərin o başında, arvadının adına alınmış bir ev meydana çıxdı, sonra şəhərin o biri başında başqa bir ev, sonra da şəhərin yaxınlığında balaca bir kəndciyəz, bundan sonra da yerli-yurdlu yekəcə bir kənd zühur etdi! Ən axırda da, allaha və dövlətə xidmət edən yoğun, hamının hörmətini qazanaraq, qulluğu buraxır, gedib mülkədar olur, ağa olur, özü də qonaqpərəst, şanlı rus mülkədarı, rus ağası. Yaxşıca da yaşayır. Lakin o öləndən sonra onun nazik varisləri beş gündə, rus adətincə, atasının bütün dövlətinin altından girib üstündən çıxırlar. Bunu da gizlətmək olmaz ki, Çiçikov məclisi seyr edirkən təxminən bu cür düşüncələr onu məşğul etmişdi; bunun da nəticəsi o oldu ki, o gedib yoğunlara qoşuldu. Oradakıların az qala hamısı onun tanıdığı adamlardı. Onlardan birisi sıx, qara qaşlı prokurordu; onun sol gözü balaca qırpılırdı, sanki o göz vuraraq deyirdi: «Gedək, qardaş, o biri otağa, orada sənə bir söz deyəcəyəm», eyni zamanda o ciddi və az danışan bir adamdı. Çiçikovun yaxınlaşdığı adamlardan biri də alçaqboylu poçt müdiri idi, o məzəli danışan bir adamdı, özü də filosof idi. Üçüncü tanış da çox dərrakəli və lütfkar adam olan palata sədri idi. Onlar hamısı Çiçikovu çoxdan bəri tanış olduqları bir adam kimi salamladılar. Çiçikov da bu hörmətin müqabilində bir az yanpörtü təzim etdi; onun bu təzimi xoşnəvazlıq hissindən məhrum deyildi. O elə buradaca Manilov və Sobakeviç adlı iki mülkədarla tanış oldu. Manilov çox nəzakətli və xoşrəftar bir adamdı; Sobakeviç isə zahirən bir az kobud adama oxşayırdı, elə ilk görüşdə Çiçikovun ayağını basaraq dedi: «Üzr istəyirəm». Elə buradaca vist oynamaq üçün onun əlinə kart verdilər, o da kartı alaraq bayaqkı kimi nəzakətlə təzim etdi. Onlar qumar stolu ətrafında oturub oyuna başladılar və axşam yeməyinə kimi yerlərindən qalxmadılar. Bütün danışıqlar tamamilə kəsildi: həmişə uzun söz-söhbətdən sonra ən ciddi işə başlayanda belə olur. Hərçənd poçt müdiri çox dilavər bir adamdı, ancaq o da kartı əlinə alan kimi sifətinə düşüncəli ifadə verib, alt dodağı ilə üst dodağını örtdü və oyun qurtarana kimi bu vəziyyətini dəyişmədi. Fiqurlar əlindən çıxanda, o, əlini stola vuraraq, fiqur qız idisə: «Axır ki, rədd oldun, kaftar!», kral idisə: «Get, Tambov mujiki!» deyərdi. Palata sədri isə hey deyirdi: «Bu da yekəbığ! Bu da yekəbığ!». Bəzən də kartları stola vuranda belə sözlər də eşidilərdi: «ya bəxt, heç olmasa bubnı[8 - Kərpic işarəli kart] ver!» Ya da ki, müxtəsərcə: «Kərpic-kərpic! Pikentsiya!» ya da: «pikendras! piçuruşşux! piçura!», hətta bəzən eləcə: «piçuk!» – deyərdilər: onlar öz aralarında kartlara belə ad vermişdilər. Gələn qonaq da o birilər kimi mübahisə edirdi, ancaq bunu çox məharətlə edirdi, belə ki, hamı görürdü ki, o mübahisə edir, amma mübahisəni xoşhallıqla edir. O heç vaxt: «Siz getdiniz» demirdi, «siz buyurub getdiniz!» ya da «mən sizin xaç ikiliyinizi götürmək şərəfinə nail oldum» və sair bu kimi sözlər deyirdi. O, öz rəqiblərini bir şeylə daha çox razılaşdırmaq üçün hər dəfə üstü minalı gümüş burunotu qabını onlara verirdi, onlar da burunotudan burunlarına çəkəndə burunotu qabının içində bir cüt bənövşə görürdülər: bunu o yaxşı iy gəlmək üçün qoymuşdu. Adları yuxarıda çəkilən Manilovla Sobakeviç qonağın diqqətini xüsusilə cəlb etmişdi. Bayaq o yoğunlar dəstəsinə qoşulurkən, elə o saat palata sədri ilə poçt müdirini bir az kənara çəkərək, bu mülkədarlar haqqında bəzi şeylər soruşmuşdu: verdiyi suallar onun ancaq maraqlandığını deyil, məsələyə müəyyən məqsədlə yanaşdığını göstərirdi, çünki o hər şeydən əvvəl bu mülkədarlardan hər birinin nə qədər kəndlisi və malikanələrinin nə vəziyyətdə olduğunu öyrəndi, sonra isə adlarını və atalarının adını soruşdu, Az zamanda bu mülkədarları o özünə tamamilə məftun edə bilmişdi. Manilov ona lap vurulmuşdu. Hələ heç orta yaşı olmayan bu adamın şəkər kimi şirin gözləri vardı, güləndə də həmişə gözlərini qıyırdı. O, Çiçikovun əlini xeyli sıxaraq, buyurub kəndə gəlməsini ondan acizanə xahiş etdi və bu təşrifi ilə onu feyziyab edəcəyini söylədi, kəndi də, onun deməsindən, şəhər qaraulxanasından ancaq onbeşçə verst uzaq olardı; Çiçikov da bu təklifin müqabilində çox nəzakətlə başını əyib, səmimiyyətlə onun əlini sıxdı və bu təklifi nəinki məmnuniyyətlə yerinə yetirəcəyini, hətta bunu özünə müqəddəs bir vəzifə hesab edəcəyini söylədi. Sobakeviç də çəkməsinin dabanlarını bir-birinə vuraraq qısaca dedi: «Bizə də buyurarsınız!» Onun ayağında elə yekə bir uzunboğaz çəkmə vardı ki, yəqin dünyanın heç yerində, xüsusilə indi, Rusiyada pəhlivanlar yox olmağa başladığı bir zamanda, buna uyğun bir ayaq tapmaq olmaz.
Ertəsi gün Çiçikov nahara polis rəisinin evinə getdi, yeməkdən sonra, saat üçdə onlar vist oynamağa oturdular və gecə saat ikiyə kimi oynadılar. Burada o, Nozdrev adlı bir mülkədarla tanış oldu. Nozdrevin otuz yaşı olardı; o heç şeylə hesablaşmayan dəliqanlı bir adamdı, iki-üç kəlmə sözdən sonra Çiçikova «sən» deyə müraciət etməyə başladı. Nozdrev polis rəisinə və prokurora da «sən» deyirdi və onlarla dostcasına rəftar edirdi. Lakin kart oynamağa başlayanda polis rəisi də, prokuror da çox diqqətlə onun yerdən kart götürməsinə baxır və getdiyi kartlara göz yetirirdilər. Çiçikov o birisi gün axşamı palata sədrinin evində keçirdi; palata sədri bir qədər yağlanmış xalat geymişdi, qonaqları da bu xalatda qəbul edirdi. Çiçikovdan başqa orada iki nəfər qadın vardı. Çiçikov sonra vitse-qubernatorun evində düzələn müsamirədə, iltizamçının verdiyi böyük naharda, prokurorun evində kiçik naharda oldu, – burasını da qeyd etmək lazımdır ki, bu kiçik nahar böyük bir nahara dəyərdi: Çiçikov buradan da şəhər bələdiyyə idarəsi rəisinin gündüz ibadətindən sonra verdiyi naharda da iştirak etdi, elə bu özü də bir nahara dəyərdi. Xülasə, o bircə saat da öz otağında qalmırdı, mehmanxanaya ancaq yatmağa gəlirdi. Çiçikov hər yerdə özünü necə aparmağı bacarırdı, eyni zamanda o təcrübəli bir kübar adam olduğunu da göstərdi. O nədən söhbət getsə, bu söhbətdə iştirak edə bilirdi: at zavodundan söhbət getsə, – at zavodundan danışırdı, yaxşı tulalardan danışılsa – bu barədə çox tutarlı fikirlər söyləyirdi, dövlət palatası tərəfindən aparılan istintaqdan mülahizələr yürüdülsə, – məhkəmə fırıldaqlarına bələd olduğunu büruzə verirdi: bilyard oyunu haqqında fikir mübadiləsi getsə, – düz hədəfə vururdu. Xeyirxahlıq haqqında söhbət getsə, – bu barədə çox gözəl mühakimələr yürüdürdü, hətta gözləri də yaşarırdı; araq qayırmaqdan söz düşsə, – araqdan da başı çıxdığını nəzərə çatdırırdı, gömrükxana nəzarətçiləri və məmurları haqqında danışılsa, – elə mühakimə yürüdürdü ki, elə bil özü həm məmur, həm də nəzarətçi idi. Qəribə burasıdır ki, bu zaman o təmkinlə danışır və özünü yaxşı tutmağı bacarırdı, nə bərk danışırdı, nə də yavaş, necə lazımsa elə də danışırdı. Xülasə, ona hansı cəhətdən yanaşırdınsa, görürdün ki, çox abırlı adamdır. Bütün məmurlar bu təzə adamın gəlməsindən razı idi. Qubernator demişdi ki, o xoş niyyətli adamdır, prokuror demişdi ki, o dəyərli adamdır, jandarma polkovniki demişdi ki, o alim adamdır; palata sədri demişdi ki, iş bilən və hörmətli adamdır, polis rəisi demişdi ki, xoşrəftar və nəzakətli adamdır, hətta başqaları haqqında çox nadir hallarda yaxşı danışan Sobakeviç də, şəhərdən xeyli gec evinə qayıdaraq və tamamilə soyunub çarpayıda, arıq arvadının yanında uzandıqdan sonra demişdi: «Əzizim, mən qubernatorun evində düzələn müsamirəyə getdim, polis rəisinin evində nahar elədim və kollej müşaviri Pavel İvanoviç Çiçikovla tanış oldum: çox gözəl adamdır!». Arvadı da bu sözün qabağında: «Hə!» deyərək onu ayağı ilə itələmişdi.
Qonaq haqqında şəhərdə belə gözəl bir rəy əmələ gəlmişdi, bu rəy, qonağın çox qəribə bir xüsusiyyəti və əyalətdə gözlənilməyən vəqə deyilən bir işi meydana çıxana qədər qaldı; lakin bu gözlənilməz vəqə baş verəndə az qala bütün şəhəri heyrətə gətirdi ki, oxucular bunun nədən ibarət olduğunu tezliklə görəcəklər.
İkinci fəsil
Bir həftə idi ki, gələn ağa şəhərdə yaşayır, gündüzlər naharlara, axşamlar müsamirələrə gedir və bu qayda ilə necə deyərlər, vaxtını çox xoş keçirirdi. Nəhayət o öz vizitlərini şəhərdən kənara çıxarmaq, Manilovla Sobakeviçi ziyarət etmək qərarına gəldi: bu iki mülkədara o, yanlarına gələcəyinə söz vermişdi. Bəlkə də buna daha mühüm bir səbəb vardı və qonağın qəlbinə yaxın olan daha ciddi bir iş onu getməyə vadar edirdi… Oxucu səbr eləyib, getdikcə daha artıq genişlənən və çox uzun olan bu hekayəni oxusa, onda bunun hamısını tədriclə, həm də öz vaxtında biləcəkdir. Faytonçu Selifana əmr verilmişdi ki, səhər tezdən atları qoşub briçkanı hazır eləsin. Petruşkaya da əmr olunmuşdu ki, evdə qalıb otağa və çamadana baxsın. Oxucuları bizim qəhrəmanın bu iki təhkimlisi ilə tanış etmək pis olmazdı. Hərçənd bunlar görkəmli şəxsiyyətlər deyil, necə deyərlər, ikinci, hətta üçüncü dərəcəli adamlardır, poemanın əsas məsələləri bunların üzərində qurulmamışdır, bu məsələlər onlarla çox az əlaqədardır və onlara çox az toxunur, – bununla belə müəllif bu cəhəti də çox ətraflı göstərmək, özü rus olsa da, alman kimi səliqəli olmaq istəyir. Bir də ki, bu çox vaxt aparmayacaq və əsərdə çox yer tutmayacaq, çünki oxucuların bu barədə aldığı məlumata çox az şey əlavə etmək lazımdır: oxucu bilir ki, Petruşka öz ağasının əynindən çıxan darçını, gen bir sürtük geyirdi və adətən lakeylər kimi onun da iri burnu, iri də dodaqları vardı. Xasiyyətcə az danışandı, çox danışmaqla arası yox idi, hətta maarifə, yəni kitab oxumağa nəcibanə bir meyl göstərirdi; oxuduğu kitabların məzmununu dərk etmək üçün çətinlik çəkməzdi; necə kitab olsa oxuyardı: qıza vurulmuş bir qəhrəmanın sərgüzəştimi olsun, ya əlifba, ya da dua kitabı olsun onun üçün heç fərqi yox idi, bunların hamısını eyni diqqətlə oxuyardı; onun əlinə kimya kitabı düşsəydi – bunu da oxumamış qoymazdı. Onun xoşuna gələn şey, kitabda yazılanlar deyil, kitab oxumaq özü idi və ya daha düzgün desək, kitab oxumaq prosesi idi: hərflərdən elə bir ucdan cürbəcür sözlər meydana çıxırdı, bəzən də elə sözlər olurdu ki, bundan heç şeytan özü də baş çıxara bilməzdi. Özü də ən çox dəhlizdə, çarpayı üstündə uzanmış halda kitab oxuyardı, çarpayıya salınmış döşək də bundan yastılanıb bərkimiş, yuxaya dönmüşdü. Kitaba olan ehtirasından başqa onun iki başqa adəti də vardı ki, bu onun xasiyyətinin iki başqa səciyyəvi cəhətini təşkil edirdi: o soyunmadan, necə varsa, əynində sürtuk yatardı, həmişə də özü ilə, bir az otaq qoxusu verən xüsusi havasını, öz xüsusi qoxusunu gəzdirərdi, hara da getsə o hava və o qoxu onunla gedərdi: belə ki, hətta heç insan ayağı dəyməyən bir yerə o öz çarpayısını qoyan kimi, öz şinelini və şey-şüyünü gətirən kimi orada elə bir qoxu əmələ gəlirdi ki, deyirdin, on ildir burada adam yaşayır. Çiçikov çox vasvası, hətta bəzi hallarda hələm-hələm şey bəyənməyən bir adam olduğu halda sabah-sabah burnuna hava dolan kimi ancaq üz-gözünü qırışdırar və başını silkələyərək deyərdi: «Bu nədi axı, belə də şey olar, sən tərləyirsən nədi! Bir hamama getsənə!» Petruşka isə bunun qabağında heç bir söz deməz və elə o saat bir işlə məşğul olmağa çalışardı: ya fırçanı götürüb ağasının frakına yaxınlaşar, ya da başqa bir iş görərdi, özü də dinib-danışmazdı. Bu vaxt o nə düşünərdi? Bəlkə də öz-özünə deyərdi: «Sən də lap əntiqə adamsan, bir sözü yüz kərə deyirsən, bu səni təngə gətirmir?..» Ya bəlkə ayrı şey düşünərdi: ağası öz təhkimli nökərinə öyüd-nəsihət verəndə allah bilir bu nökər nələr düşünür… Bəli, Petruşka barəsində hələlik bunları söyləmək olar. Faytonçu Selifan isə tamamilə başqa bir adamdı… Lakin müəllifin insafı qəbul etmir ki, aşağı sinifdən olan bu adamlarla oxucuları çox məşğul etsin, çünki, o oxucuların aşağı təbəqələrlə çox könülsüz tanış olduqlarını bilir. Nə etməli, rusların xasiyyəti belədir: rütbə etibarilə özündən heç olmasa bircə pillə yüksək olan adamlarla tanış olmaq arzusu, qraf ya da knyazla uzaqdan-uzağa salamlaşmaq onun üçün hər bir yaxın dostluq əlaqələrindən üstündür. Müəllif hətta öz qəhrəmanlarının taleyindən də qorxur, çünki o ancaq kollej müşaviridir. Saray müşavirləri bəlkə də onunla tanış olmaq istərdilər, lakin general rütbəsinə yaxınlaşanlar, allah bilir, bəlkə də ona ancaq həqarətli bir nəzər salacaqlar: elə bir nəzər ki, adam ayaqları altında sürünən hər bir şeyə təkəbbürlə belə bir nəzər salır; ya da ki, onlar mənim qəhrəmanıma bəlkə heç əhəmiyyət verməyəcəklər, – bu daha pis, çünki müəllif üçün bu ölümdən də betərdir. Lakin bunlar nə qədər kədərli bir hal olsa da, hər halda biz qəhrəmanımızın təsvirinə qayıtmalıyıq. Bəli, o, axşamdan lazımi əmrləri verib yatdı, səhər tezdən durub sabunla əl-üzünü o ki var yudu, yaş süngərlə təpədən-dırnağa kimi bütün bədənini sildi: bunu o ancaq bazar günləri edərdi, həmin gün də bazar günü idi; sonra da üzünü elə qırxdı ki, sifəti lap atlas kimi hap-hamar oldu və par-par parıldadı, mərsin rəngli frakını və içinə ayı dərisi vurulmuş şinelini geyib pilləkanla aşağı enməyə başladı; bu zaman mehmanxana xidmətçisi onun gah sağına, gah da soluna keçərək qolundan tuturdu; pilləkandan enib briçkaya mindi. Briçka gurultu ilə mehmanxana darvazasından küçəyə çıxdı. Yol ilə gedən keşiş onu görüb şlyapasını çıxartdı, çirkli köynəkli bir neçə uşaq əllərini uzadaraq dedi: «Ağa, yetimik, bizə bir sədəqə ver!» Sürücü onlardan birinin briçkanın dalına minməyə çox həris olduğunu görüb qamçı ilə vurdu; briçka küçənin daşları üstə atıla-atıla yola düşdü. Belə daşlı yol ilə gedirkən adam uzaqdan zol-zol şlaqbaumu görəndə sevinməyə bilmir, çünki bu, daşlı yolun tezliklə qurtaracağını, yol gedən adamın da əziyyətdən xilas olacağını göstərir. Çiçikovun başı bir neçə dəfə də kuzova möhkəmcə dəydikdən sonra, nəhayət yumşaq torpaq yola düşdülər. Briçka şəhərdən kənara çıxan kimi yolun hər iki tərəfində torpaq komaları, küknar meşəsi, seyrək budaqlı balaca şam ağacları, qoca şam ağaclarının yanmış gövdələri, yabanı ardıc ağacları və ümumiyyətlə bizim yerin təbiətinə xas olan başqa əhəmiyyətsiz şeylər görünməyə başladı. Arabir evləri, ipə düzülmüş kimi, sıra ilə uzanıb gedən, bir-biri üstə yığılmış köhnə odun qalaqlarına oxşayan kəndlərə rast gəlirdilər; bu komaların boz taxtapuşu, taxtapuşların alt tərəfində isə üstü naxışlı sallaq dəsmala bənzəyən bəzəkli taxta şəbəkələr vardı. Qoyun dərisindən kürk geyinmiş bir neçə kəndli, adətləri üzrə, darvaza qabağındakı skamyada oturub əsnəyirdi; döşləri sarınmış, dolu üzlü arvadlar yuxarı pəncərələrdən baxırdı, aşağı pəncərələrdən isə bir buzov, ya donuz başını bayıra çıxarıb ətrafı seyr edirdi. Xülasə, hamıya məlum olan mənzərələr! Çiçikov on beş verst yol getdikdən sonra Manilovun dedikləri yadına düşdü: onun kəndi bu arada olmalı idi, lakin on altıncı versti də keçdilər, amma kənd hələ də görünmürdü, iki mujik onlara rast gəlməsəydi, yəqin ki, kəndi heç tapa bilməyəcəkdilər. Çiçikov Zamanilovka kəndinə hələ çoxmu qaldığını soruşduqda, mujiklər şlyapalarını çıxartdılar və o birisindən daha ağıllı olan sivri saqqallı mujik dedi:
– Bəlkə də Zamanilovka deyil, Manilovkadır?
– Hə, hə, Manilovka.
– Manilovka! Bir verst də gedərsiniz, odur hey, yəni ki, düz sağ tərəfə.
Sürücü soruşdu:
– Sağ tərəfə?
– Sağ tərəfə. həmin yoldur. Manilovkaya gedir, amma ki Zamanilovka deyilən şey yoxdur. Onun adı belədir, yəni ki, ona Manilovka deyirlər. Zamanilovka adlı burda şey yoxdur. Orada dübbədüz təpənin üstündə bir ev görəcəksən, daş evdir, iki mərtəbəli, ağanın evidir, yəni ki, ağa özü orada yaşayır. Həmin bu Manilovkadır, amma ki, burada Zamanilovka adında şey yoxdur, heç olmayıb da.
Sürücü Manilovka kəndini axtarmağa başladı. İki verst getdikdən sonra sağa burulan kənd yoluna çıxdılar, iki verst getdilər, üç verst getdilər, dörd verst getdilər, iki mərtəbəli daş ev isə yenə də görünmürdü. Burda Çiçikovun yadına bir şey düşdü: əgər dostun səni on beş verst kənarda olan kəndinə dəvət edirsə, deməli ora düz otuz verst yol vardır. Manilovka kəndi öz mövqeyi ilə çox az adamı özünə cəlb edə bilərdi. Mülkədarın evi hər tərəfdən açıq bir yerdə, yəni bir təpənin üstündə idi, külək hansı tərəfdən kefi istəyib əssə, onu döyəcləyə bilərdi, təpənin döşü çimlə örtülmüşdü. Burada ingilis qaydası ilə iki-üç çiçək ləki salınmışdı, ləklərdə yasəmən və sarı akasiya bitmişdi, orda-burda topa-topa xırda yarpaqlı, seyrək budaqlı beş-altı qayın ağacı nəzərə çarpırdı. Bu ağaclardan ikisinin altında bir köşk görünürdü: köşkün yaşıl, yastı qübbəsi, taxtadan qayrılmış mavi rəngli sütunları vardı, üstündə də «Tənha düşüncələr məbədi» sözləri yazılmışdı. Köşkdən aşağıda ot basmış bir göl vardı – rus mülkədarlarının ingilis qaydası ilə saldıqları bağlarda belə ot basmış göllərin olması heç də qəribə bir şey deyil. Təpənin lap ətəyində, qismən də döşündə köhnə ağac daxmalar qaralırdı; bizim qəhrəman nədənsə bunları saymağa başladı və iki yüzdən artıq daxma saydı. Daxmaların ətrafında nə bir ağac, nə də bir yaşıllıq vardı, hər yanda gözə çarpan ancaq daxma dirəkləri idi. Bu mənzərəni canlandıran ikicə nəfər arvad idi: onlar tamaşa edilməyə layiq bir tərzdə ətəklərini qaldırıb hər tərəfdən bellərinə sancaraq dizə qədər gölməyə girərək, yırtıq, balaca bir torun ağacından yapışıb çəkə-çəkə suyun içi ilə aparırdılar; tora iki xərçəng ilişmişdi, bir də bir çamça balığı düşmüşdü; arvadlar, deyəsən, küsülü idilər, bir-biri ilə söyüşürdülər. Bir az kənarda cansıxıcı göy-yaşıl rəngli şam meşəsi qaralırdı. hətta hava özü də bu mənzərəyə çox münasib idi: nə açıqdı, nə də tutqun, açıq boz rəngə çalırdı, – ancaq qarnizon soldatlarının, qismən bazar günlərində sərxoşluq edən bu dinc qoşun hissəsinin geydiyi köhnə mundirlər bu rəngdə olur… Təsvir edilən mənzərəni tamamlamaq üçün bircə xoruz lazım idi ki, o da vardı: öz banı ilə havanın dəyişməsindən xəbər verən bu xoruzun başını başqa xoruzlar lap beyninə kimi deşib dağıtmışdı, özü də məlum şeydir ki, nə üstə: arvadbazlıq üstə; bəli, bu xoruz, başı lap beyninə kimi deşilsə də çox bərkdən banlayırdı. Hətta banlayanda, köhnə həsir kimi didilmiş qanadlarını da çırpırdı. Briçka həyətə yaxınlaşarkən Çiçikov artırmada ev sahibinin özünü gördü: onun əynində yaşıl rəngli şalon sürtuk vardı; o gələn ekipajı daha yaxşı görmək üçün əlini gözlərinin üstə qoyub baxırdı. Briçka artırmaya yaxınlaşdıqca onun gözlərində daha artıq sevinc duyulur, üzü daha artıq gülümsəyirdi.
Çiçikov briçkadan düşəndə Manilov çığıraraq dedi:
– Pavel İvanoviç! Nə əcəb belə bizi yad etdiniz!
İki dost bərk-bərk öpüşdülər; Manilov öz qonağını otağa apardı. Onların dəhlizdən və yemək otağından keçib getməsi o qədər vaxt aparmayacaqsa da, biz bundan istifadə edərək bəlkə də ev sahibi haqqında bəzi məlumat verə bildik. Lakin müəllif burada etiraf etməlidir ki, belə məlumat vermək özü çox çətin məsələdir. Böyük xarakterləri təsvir etmək çox-çox asandır, orada əl-qol açmağa geniş imkan vardır: yaxıcı qara gözlər, sallaq qaşlar, qat-qat qırışıqlı alın, çiyinə atılmış qara, ya da od kimi alışıb yanan al plaş, – görürsünüzmü, portret hazırdır. Lakin bu cənablar ki, var, dünyada bunlardan çox-çoxdur, hamısı da üzdən bir-birinə oxşayır, amma diqqətlə baxdıqdan sən onlarda güclə nəzərə çarpan bir çox xüsusiyyətlər görəcəksən: bu cənabların portretini çəkmək son dərəcə çətindir. Onların gözdən yayınan bütün bu incə xüsusiyyətlərini lövhədə canlandırmaq üçün çox diqqət sərf etmək və ümumiyyətlə belə işlərdə böyük təcrübə sahibi olsan da məsələyə çox dərindən nəzər yetirmək lazım gəlir.
Yalnız allah deyə bilər ki, Manilovun xarakteri necə idi. Elə adamlar var ki, onlar haqqında belə deyirlər: nə Əli aşındandı, nə Vəli aşından, nə ondandı, nə bundan, heç bilmirsən necə şeydir. Manilovu da bəlkə bunların sırasına daxil etmək lazımdır. Üzdən o gözə gəlimli idi, sifətinin cizgilərində xoşa gələn cəhətlər də yox deyil, ancaq bu xoşluğa elə bil həddindən artıq şəkər qatılmışdı. Onun hərəkətlərində, danışığında elə bir şey vardı ki, bununla o sanki qılıq qataraq adamın hüsn-rəğbətini qazanmaq, adamı özünə dost etmək istəyirdi. O cəzbedici bir halda gülümsəyirdi. Sarışındı, gözləri mavi idi. Onunla söhbət edirkən ilk dəqiqədə: «Nə qılıqlı, nə xoş təbiətli adamdır» deməyə bilməzsən. İkinci dəqiqədə heç bir söz deməzsən, üçüncü dəqiqədə isə: «Əşi, bu necə adamdır!» deyib kənara çəkilərsən. Kənara çəkilməsən elə darıxarsan ki, az qalar lap bağrın çatlasın. Onun xoşuna gələn bir şeyə toxunsan ondan bircə kəlmə də canlı, ya da acıqlı bir söz eşitməzsən, lakin bunu sən başqalarından eşidə bilərsən. Hərənin bir şeyə həvəsi var: elə adam var ki, tazıbazdır; o birinə elə gəlir ki, musiqi həvəskarıdır, musiqinin bütün dərin yerlərini çox gözəl hiss edir; bəzi adam möhkəm nahar eləməyin lap ustasıdır; bəzi adam da onun üçün müəyyən edilən roldan bircə barmaq da olsa qabağa getməkdə ustadır; bəzisinin arzuları məhduddur: o ancaq bu arzu ilə yatıb durur ki, özünü dostlarına, tanışlarına, hətta tanış olmayan adamlara göstərmək üçün fligel-adyutantla seyrə çıxsın; bəzi adamın da əlində elə bir qabiliyyət var ki, o bir bubnı tuzun ya da ikiliyin qırağını qatlamağa olduqca hərisdir, lakin bəzi adamın da əli ora-bura soxulub nizam-intizam yaratmağa, stansiya nəzarətçisinin ya da faytoçuların şəxsiyyətinə bələd olmağa böyük həvəs göstərir, – xülasə, hərənin bir şeyə həvəsi var, lakin Manilovun heç bir şeyə həvəsi yox idi. Evdə o çox az danışırdı, çox vaxt düşünür, fikirləşirdi, lakin onun nə düşündüyünü yalnız allah bilirdi. Demək olmaz ki, o təsərrüfatla məşğul olurdu, o hətta heç tarlalara da getməzdi, təsərrüfat başlı-başına qalmışdı. Təsərrüfat müdiri gəlib deyəndə ki: «Ağa, yaxşı olar ki, filan-filan işlər görülsün», o, adəti üzrə çubuq çəkə-çəkə deyərdi: «Hə, pis olmaz», sonra da təkrar edərdi: «Hə, heç də pis olmaz!» Çubuq çəkməyə o orduda öyrəşmişdi; hərbi qulluqda o çox təvazökar, çox nəzakətli və çox bilikli zabit hesab olunurdu. Mujik onun yanına gəlib, peysərini qaşıya-qaşıya deyəndə ki: «Ağa, izin ver, töycü pulu yığmaq üçün gedim kənarda işləyim», o yenə çubuğunu çəkə-çəkə: «Get» – deyərdi, eyni zamanda onun heç ağlına da gəlməzdi ki, mujik əyyaşlıq eləməyə gedir. Bəzən o artırmadan həyətə və gölməyə baxaraq deyərdi: «Nə yaxşı olardı, evdən yeraltı bir yol düzəldəydin, ya da gölmənin üstündə bir daş körpü tikəydin, körpünün də hər iki tərəfində dükanlar olardı, bu dükanlarda da tacirlər oturub, kəndlilərə lazım olan cürbəcür mallar sataydı». Bu zaman onun gözlərində həddindən artıq bir şirinlik görünər, üzündə böyük bir məmnuniyyət ifadə olunardı. Lakin onun düşündüyü bu layihələr sözlə başlandığı kimi sözlə də qurtarırdı. Onun kabinetində həmişə on dördüncü səhifəsində əlfəcin qoyulmuş bir kitab olardı – bu kitabı o iki il idi ki, tədriclə oxuyaraq bu yerə gəlib çatmışdı. Onun evində həmişə bir şey çatışmazdı: qonaq otağında üzünə qəşəng ipək parça çəkilmiş çox gözəl mebel vardı və yəqin ki, bu ipək örtük ona çox baha qiymətə başa gəlmişdi, lakin kreslolardan ikisinin örtüyü yox idi; bunlar üzünə eləcə həsir çəkilmiş halda qalırdı; özü də bir neçə il idi ki, gələn qonağa hər dəfə deyərdi: «Bu kreslolarda oturmayın, onlar hələ hazır deyil». Elə otaq da vardı ki, orada heç mebel yox idi, amma o evləndiyi günün səhəri arvadına demişdi: «Əzizim, sabah çalışmaq lazımdır ki, müvəqqəti də olsa, bu otağa mebel qoysunlar». Axşam stola, antik dövrün gözəllik ilahələrinin üç heykəli və çox qəşəng sədəf süpəri olan qaralmış tuncdan gözəl bir şamdan gətirərdilər; onun yanına, böyrü üstə əyilmiş, başdan-başa şam ərintisinə bulanmış sınıq-sökük, qaltaq bir mis şamdan qoyardılar, lakin bunu nə ev sahibi, nə ev sahibəsi, nə də ev qulluqçuları sezərdi. Manilovun arvadı… burasını qeyd etmək lazımdır ki, onlar bir-birindən çox razı idilər. Onlar səkkiz il idi ki evlənmişdilər, bununla belə hələ də onlar bir-birinə bir parça alma, ya konfet, ya da qoz ləpəsi gətirib, tam bir məhəbbət ifadə edən, riqqət dolu, incə bir səslə deyərdi: «Əzizim, o ağızcığazını arala, bu tikəni oraca qoyum». Məlum şeydir ki, bu sözdən sonra ağızcığaz çox zərif bir şəkildə açılardı. Anadan olduqları günü qeyd edərkən onlar bir-birinə hədiyyə – məsələn, dişqurdalayan qoymaq üçün rəngarəng xırdaca muncuqla işlənmiş balaca qın hazırlardılar. Çox vaxt da görərdin ki, divanda otururkən, birdən, heç də səbəbi məlum olmadığı halda, Manilov çəkdiyi çubuğunu, arvadı da, əgər əlində bir şey tikirsə onu, yerə qoyub dodaqlarını yorğun-yorğun bir-birinə yapışdıraraq uzun-uzadı öpüşərdilər, belə ki, onların dodağı bir-birindən ayrılana kimi bəlimdən eşilmiş balaca bir papirosu çəkib qurtarmaq olardı. Bir sözlə, necə deyirlər, onlar xoşbəxt idi. Əlbəttə, evdə, bu uzun-uzadı öpüşlərdən və muncuq hədiyyələrdən başqa bir çox başqa məşğuliyyətlər də olurdu, bununla əlaqədar olaraq bir çox şeylər haqqında sorğu-sual da eləmək mümkündü. Niyə, məsələn, mətbəxdə xörəklər pis hazırlanır? Niyə ərzaq anbarında bir şey yoxdur? Niyə ərzaq işlərinə baxan arvad oğrudur? Niyə xidmətçilər pintidir? Niyə nökərlər, qulluqçular həddindən artıq yatırlar, qalan vaxtlarını da boş-boşuna keçirirlər? Lakin bunlar gədə-güdə işi idi. Bunlarla məşğul olmaq Manilovaya yaraşmazdı, o yaxşı tərbiyə almışdı. Yaxşı tərbiyə də, məlumdur ki, pansionlarda verilir. Pansionlarda da, məlumdur ki, insan xeyirxahlığının bünövrəsini üç əsas şey təşkil edir, bunlar da: ailə həyatının xoşbəxt olması üçün zəruri hesab edilən fransız dili; arvadın ərə xoş dəqiqələr verməsi üçün lazım olan fortepiano; bir də ki, təsərrüfat işləri, yəni pul kisəsi və başqa hədiyyələr toxumaqdır. Lakin belə əməli üsullarda, xüsusilə indiki zamanda bəzi təkmilləşdirmələr və dəyişikliklər də olur ki, bu da ən çox pansion sahibəsinin özünün dərrakəsindən və qabiliyyətindən asılıdır. Görürsən ki, başqa bir pansionda sistem dəyişir: fortepiano qabağa keçir, sonra fransız dili gəlir, bundan sonra da təsərrüfat işləri. Bəzən də belə olur ki, təsərrüfat işi, yəni pul kisəsi və hədiyyələr toxumaq qabağa keçir, fransız dili bunun ardınca gəlir, ən axıra da fortepiano düşür. Bəli, iş üsulları cürbəcür olur. Bir şeyi də qeyd etmək pis olmazdı ki, Manilovun arvadı… Lakin etiraf edirəm ki, arvadlardan söhbət açmağa mən çox qorxuram, bir də ki, vaxt çatmışdır, mən qəhrəmanlarımızın yanına qayıtmalıyam, budur onlar bir neçə dəqiqədir ki, qonaq otağının qapısı ağzında durub, içəri girməyi bir-birindən xahiş edirlər.
Çiçikov deyirdi:
– İltifat buyurun, məndən ötrü bu qədər narahat olmayın, mən sonra keçərəm.
Manilov da əli ilə qapını göstərərək deyirdi:
– Yox, Pavel İvanoviç, yox, siz qonaqsınız.
Çiçikov təkrar deyirdi:
– Zəhmət çəkməyin, rica edirəm, zəhmət çəkməyin. Buyurun, keçin.
– Yox, heç ola bilməz, mən razı ola bilmərəm ki, belə xoşməcaz, belə bilikli qonaq mənim dalımca keçsin.
– Nə bilikli axı?.. Rica edirəm, keçin.
– Yox, olmaz, buyurun siz keçin.
– Niyə axı?
Manilov xoş bir təbəssümlə dedi:
– Elə ona görə!
Axırda iki dost birdən, bir-birini bir az sıxışdıra-sıxışdıra yan-yanı içəri girdilər.
Manilov dedi:
– İcazə verin arvadımı sizə təqdim edim. Əzizim! Pavel İvanoviç gəlib!
Çiçikov qapı ağzında Manilova buyur-buyur edərkən qadını görməmişdi. Manilovun arvadı pis deyildi, pis də geyinməmişdi, əynindəki solğun rəngli ipək kapot ona yaraşırdı. Manilov onu Çiçikovla tanış etmək istəyəndə, onun balaca, zərif əlləri stol üstünə cəld nəsə atdı və ucları naxışlı batist yaylığı götürüb əllərilə sıxdı. Oturduğu divandan qalxdı. Çiçikov yaxınlaşıb onun əlini məmnuniyyətlə öpdü. Manilovun arvadı bir az pəltəkləyərək dedi ki, sizin gəlməyiniz bizi çox sevindirdi, ərim elə gün olmurdu ki, sizi xatırlamasın.
Manilov sözə qarışdı:
– Bəli, o elə tez-tez məndən soruşurdu: «Sənin dostun axı niyə gəlmir?» Mən də ona deyirdim: «Dayan, əzizim, gələcək». Nəhayət siz də buyurub gəldiniz və öz gəlişinizlə bizi şərəfyab etdiniz. Sizin gəlişiniz bizə çox-çox ləzzət verdi… May günü… ürək şadlığı…
Çiçikov sözün ürək şadlığı üstünə gəlib çıxdığını görüb özünü hətta bir az itirdi və nə böyük ad, nə də elə bir mühüm rütbə sahibi olmadığını təvazökarlıqla söylədi.
Manilov yenə əvvəlki xoş təbəssümlə onun sözünü kəsdi:
– Sizin böyük adınız da var, böyük rütbəniz də, bəli, var, hətta bundan artığı da var.
Manilovun arvadı dilləndi:
– Şəhərimiz xoşunuza gəldimi? Orada vaxtınızı xoş keçirdinizmi?
Çiçikov:
– Çox yaxşı şəhərdir, gözəl şəhərdir! – deyə cavab verdi. – Vaxtımı də çox xoş keçirdim: adamları çox xoşrəftar adamlardır.
Yenə də Manilovun arvadı soruşdu:
– Qubernatorumuz necə, könlünüzə yatdımı?
Manilov əlavə etdi:
– Qubernatorumuz son dərəcə möhtərəm və lütfkar bir adamdır, doğru demirəmmi?
– Lap doğru deyirsiniz: son dərəcə möhtərəm bir adamdır. Vəzifəsini də çox yaxşı bilir, onun nədən ibarət olduğunu çox gözəl başa düşmüşdür! Belə adamlardan çox-çox olmasını arzu etmək lazımdır.
Manilov gülümsəyərək əlavə etdi:
– Necə də hər adamı qəbul edir, öz hərəkətlərində ədəb və nəzakət qaydalarına riayət edir, – Manilov bunu deyib, duyduğu ləzzətdən, qulaqlarının dibi azca qıdıqlanan erkək pişik kimi, gözlərini yumdu.
Çiçikov sözünə davam etdi:
– Çox yaxşı rəftarlı və lətif adamdır. Özü də necə məharətlidir! Mən hətta bunu heç güman etməzdim. Necə də ustalıqla naxış tikir! O naxış saldığı pul kisəsini mənə göstərdi: tək-tək xanım belə məharətlə naxış sala bilər.
Manilov yenə də gözlərini bir az qıyaraq dedi:
– Bəs vitse-qubernator! Necə də sevimli adamdır, doğru demirəmmi?
Çiçikov:
– Çox, çox ləyaqətli adamdır, – deyə cavab verdi.
– Yaxşı, icazə verin soruşum, bəs polis rəisi necə, xoşunuza gəldimi? Çox lətif adamdır, doğru demirəmmi?
– Bəli, hədsiz dərəcədə lətif adamdır, özü də necə ağıllıdır, necə biliklidir! Mən onun evində prokurorla və palata sədrilə bərabər lap axırıncı xoruz banına kimi oturub vist oynadım. Çox, çox ləyaqətli adamdır!
Manilovun arvadı əlavə etdi:
– Yaxşı, bəs siz polis rəisinin arvadı barəsində nə fikirdəsiniz? Çox lütfkar qadındır, doğru demirəmmi?
Çiçikov:
– Ba, mən nə qədər qadın tanıyıramsa – bu onların ən ləyaqətlilərindən biridir, – deyə cavab verdi.
Onlar palata sədrini də, poçt müdirini də yaddan çıxarmadılar, bu qayda ilə şəhər məmurlarının az qala hamısını bir-bir əldən keçirdilər, söhbətdən də məlum oldu ki, onlar hamısı çox ləyaqətli adamlardır.
Axırda Çiçikov belə bir sual verdi:
– Siz vaxtınızı həmişə kənddə keçirirsiniz?
Manilov:
– Ən çox kənddə keçiririk, – deyə cavab verdi. – Amma hərdən şəhərə gedirik ki, bilikli adamlarla görüşək. Bilirsinizmi, adam həmişə burada bağlanıb qalsa lap vəhşiləşər.
Çiçikov dedi:
– Doğrudur, doğrudur!
Manilov:
– Əlbəttə, – deyərək sözünə davam etdi, – qonşuluqda yaxşı bir adam olsaydı, bu bir ayrı məsələ, məsələn, elə adam ki, onunla bir növ nəzakətdən, yaxşı rəftardan danışmaq olardı, elmdən-filandan xəbər tutardın, adamın ruhu bir növ yerindən oynardı, necə deyirlər, ucalardı… – O yenə də nəsə demək istədi, lakin dolaşaraq artıq-əskik danışdığını görüb əlini havada yellədi və sözünə davam etdi: – Əlbəttə, onda kəndin də, tənhalığın da çox xoş cəhətləri olardı. Amma ki, indi qonşuluqda heç kəs yoxdur… Ancaq hərdən «Vətən oğlu»nu oxuyursan.
Çiçikov onun sözlərilə tamamilə razılaşdı və öz tərəfindən bunu da əlavə etdi ki, dünyada tənha yaşamaqdan, təbiəti seyrə dalmaqdan, bəzən də bir kitab götürüb oxumaqdan xoş bir şey ola bilməz…
Manilov da öz fikrini söylədi:
– Amma, bilirsinizmi, əgər elə bir dostun yoxsa ki, onunla dərdləşəsən…
Çiçikov onun sözünü kəsdi:
– Bəli, bəli, bu doğrudur, bu tamamilə doğrudur! Bunsuz dünyanın mal-dövləti nəyə lazımdır! Bir aqil adam deyib:
«Pulun olmasın, amma əlində dolandırmağa yaxşı dostların olsun!»
Bilirsinizmi, Pavel İvanoviç, – deyən Manilovun üzündə həddindən artıq şirin və hətta öz şirinliyi ilə ürək bulandıran bir təbəssüm göründü; bu, mahir bir kübar həkiminin çoxlu şirin şey qatdığı və bununla da müalicə etdiyi xəstəni sevindirəcəyini zənn etdiyi dərmana oxşayırdı, – adam onda bir növ mənəvi ləzzət duyur… Belə ki, məsələ, bir təsadüf nəticəsində mənə sizinlə danışmaq, sizin xoş söhbətinizdən ləzzət almaq kimi bir xoşbəxtlik, demək olar ki, nümunəvi bir xoşbəxtlik qismət oldu…
Çiçikov:
– İltifat buyurun, – dedi, – nə xoş söhbət? Mən vecsiz bir adamam, başqa bir şey deyiləm.
– Ba, Pavel İvanoviç, icazə verin sizinlə açıq danışım: sizin malik olduğunuz məziyyətlərin bircəciyini mənə versəydilər, mən bütün var-dövlətimin yarısını gülə-gülə verərdim!..
– Mən isə öz tərəfimdən çox böyük bir xoşbəxtlik hesab edərdim ki…
Əgər bu zaman nökər içəri girib yeməyin hazır olduğunu xəbər verməsəydi, kim bilir, bu iki dostun öz hisslərini bir-birinə izhar etmələri nə yerə gəlib çıxacaqdı.
Manilov dedi:
– Buyurun, acizanə rica edirəm! Bizim naharımız kübar məclislərində və paytaxtlarda gördükləriniz kimi olmadığından bizi əfv edin; bizimki rus qaydasınca hazırlanan adi şşidir, amma təmiz ürəklə verilir. Acizanə rica edirəm, buyurun!
Burada da xeyli buyur-buyur oldu, axırda Çiçikov yemək otağının qapısından yanpörtü içəri girdi.
Manilovun iki oğlu yemək otağında idi, onlar elə yaşda idi ki, bu yaşda uşaqlar süfrə başında otursalar da, hələ hündür stulda otururdular. Onların yanında müəllimləri dayanmışdı. O gülümsəyərək, ədəblə baş əydi. Manilovun arvadı şorba qabının qarşısında oturdu. Qonağı ev yiyəsi ilə ev yiyəsinin arvadının arasında oturtdular. Nökər uşaqların boynuna xörək dəsmalı bağladı.
Çiçikov uşaqlara baxaraq dedi:
– Nə sevimli uşaqlardır! Neçə yaşları var?
Manilovun arvadı cavab verdi:
– Böyüyünün səkkiz yaşı var, kiçiyinin isə hələ dünən altı yaşı tamam olmuşdur.
Manilov böyük oğluna dönərək dedi:
– Femistoklyus! – Lakey xörək dəsmalını bağlayanda onun çənəsini də bağlamışdı, indi o çənəsini xörək dəsmalın altından çıxarmağa çalışırdı.
Çiçikov qismən yunan adı olan, lakin Manilovun nədənsə axırına bir «yus» da əlavə etdiyi bu adı eşidərək qaşını bir qədər qaldırdı, lakin o saat da üzünə əvvəlki ifadəni verməyə çalışdı.
– Femistoklyus, de görüm, Fransada ən yaxşı şəhər hansıdır?
Bu zaman müəllim bütün diqqətini Femistoklyusa verdi, elə bil ki, o atılıb uşağın gözlərinə girmək istəyirdi, lakin Femistoklyus «Paris» deyəndə o tamamilə sakitləşdi və başı ilə razılıq işarəsi etdi.
Manilov yenə də soruşdu:
– Bəs bizim ən yaxşı şəhərimiz hansıdır?
Müəllim yenə də diqqətlə uşağa baxdı.
Femistoklyus:
– Peterburq, – deyə cavab verdi.
– Daha hansıdır?
– Moskva.
Çiçikov bunu eşidib dedi:
– Ağıllı bala! – Sonra o üzündə bir qədər heyrət ifadəsilə Manilovla arvadına baxdı: – Bu yaşda olasan, belə də biliyin olsun!.. Mən sizə deməliyəm ki, bu uşağın çox böyük qabiliyyəti olacaq.
Manilov:
– Ba, siz hələ onu yaxşı tanımırsınız! – dedi, – o çox zəkalıdır. Bu Alkid ki, var, balaca oğlum, o elə zirək deyil, amma bu bir cücü, bir böcək görsə o saat gözləri yerindən oynayır, ardınca yüyürür, o saat da diqqət yetirir. Mən onu diplomatlığa hazırlayacağam. – Oğluna dönərək əlavə etdi: – Femistoklyus, səfir olmaq istəyirsinizmi?
Femistoklyus çörək yeyə-yeyə, başını sağa və sola əyə-əyə cavab verdi:
– İstəyirəm.
Bu zaman dal tərəfdə duran lakey səfirin burnunu sildi və çox yaxşı da elədi, yoxsa onun burnundan şorbanın içinə bir yekə damcı kənar şey düşəcəkdi. Süfrə başında sakit həyatın insana verdiyi ləzzətdən söhbət başlandı, lakin Manilovun arvadı bəzən şəhər teatrı və aktyor haqqında olan qeydlərilə bu söhbəti qırırdı. Müəllim söhbət edənlərə çox diqqətlə baxırdı: onların dodaqucu gülmək istədiklərini duyan kimi ağzını açıb bərkdən gülürdü. Görünür, o, yaxşılıq bilən bir adamdı: bununla ev sahibinə, onunla yaxşı rəftar etdiyi üçün, öz minnətdarlığını bildirmək istəyirdi. Lakin bircə kərə onun üzündə sərt bir ifadə göründü və qarşısında oturan uşaqlara gözlərini zilləyərək çox ciddi halda barmağını stola vurdu. Bunu o lap yerində etmişdi, çünki Femistoklyus Alkidin qulağını dişləmişdi. Alkid də gözlərini yumaraq ağzını açıb çox yanıqlı ağlamaq istəyirdi, ancaq bununla yeməkdən çox asanlıqla məhrum ediləcəyini duyaraq, ağzını əvvəlki vəziyyətinə saldı, gözləri yaşarmış halda əlindəki qoyun sümüyünü gəmirməyə başladı: sümük gəmirməkdən onun yanaqları işıldayırdı. Manilovun arvadı çox tez-tez Çiçikova: «Siz heç bir şey yemirsiniz, siz çox az götürdünüz» deyə müraciət edirdi. Çiçikov da bunun qabağında hər dəfə ona deyirdi: «İltifatınız artıq olsun, mən doymuşam, xoş söhbət hər bir xörəkdən yaxşıdır».
Nahar qurtardı, ayağa durdular. Manilov son dərəcə məmnun idi; əlini Çiçikovun kürəyinə qoyaraq, onu qonaq otağına aparmaq istəyirdi ki, birdən qonaq çox ciddi bir tövrlə, çox mühüm bir iş haqqında onunla danışmaq niyyətində olduğunu bildirdi.
Manilov:
– Onda icazə verin kabinetimə buyurmağınızı sizdən xahiş edim, – deyərək Çiçikovu, pəncərələri meşəyə baxan kiçik bir otağa apardı. – Bu da mənim guşəm.
Çiçikov otağı gözdən keçirərək dedi:
– Ürəyə yatan bir otaqdır.
Otaqda doğrudan da ürəyə yatan cəhətlər vardı: divarlar boza çalan mavi bir boya ilə rənglənmişdi; burada dörd stul, bir kreslo, bir stol, stolun da üstündə, yuxarıda qeyd etdiyimiz, arası əlfəcinli bir kitab, bir neçə vərəq yazılmış kağız, xeyli də tütün vardı: tütün o biri şeylərin hamısından çox idi, özü də müxtəlif şəkildə: kartuzda, tütün qabında qoyulmuşdu, bir yığın da stol üstünə tökülmüşdü. Pəncərələrin hər ikisində çubuqdan boşaldılmış və səy ilə çox qəşəng sıralarla yan-yana düzülmüş kül yığınları görünürdü. Aydın bilinirdi ki, ev sahibi vaxtını bəzən belə şeylərlə keçirir.
Manilov dedi:
– İcazə verin bu kresloda əyləşmənizi sizdən xahiş edim. Bura sizin üçün daha rahat olar.
– İcazə verin, stulda oturum.
Manilov gülümsəyə-gülümsəyə:
– İcazə verin mən bunu sizə icazə verməyim, – dedi. – Bu kreslo ancaq qonaq üçündür: istəsəniz də, istəməsəniz də oturmalısınız.
Çiçikov oturdu.
– İcazə verin sizi çubuğa qonaq eləyim.
Çiçikov mehribanca və təəssüf ifadə edən səslə dedi:
– Mən tütün çəkmirəm.
Manilov da mehribanca və təəssüf ifadə edən bir səslə soruşdu:
– Niyə?
– Adət eləməmişəm, qorxuram, deyirlər ki, çubuq adamı qurudur.
– İcazə verin mən sizə ərz edim ki, bu doğru fikir deyil. Mən hətta belə güman edirəm ki, çubuq çəkmək burunotu çəkməkdən çox-çox yaxşıdır. Bizim polkda bir poruçik vardı, çox gözəl və çox oxumuş adamdı, çubuğu o nəinki süfrəyə oturanda, hətta, ayıb da olsa, başqa yerlərə gedəndə də ağzından çıxarmazdı. İndi onun yaşı qırxdan ötüb, amma, şükür allaha, hələ də elə sağlamdır ki, heç olmayan kimi.
Çiçikov dedi ki, doğrudur, belə şey ola bilər, insanın təbiətində bir çox şeylər var ki, hətta böyük ağıl sahibi olanlar da bunun səbəbini izah edə bilmirlər.
– Ancaq, icazə verin, əvvəl mənim bir xahişim var… – Çiçikov bunu elə bir səslə dedi ki, bu səsdə qəribə, ya qəribə olacaq dərəcədə bir ifadə vardı və bunu deyəndən sonra nədənsə dönüb geriyə baxdı. Manilov da nədənsə dönüb geriyə baxdı. – Siz çoxdanmı iltifat buyurub təhkimli kəndlilərin siyahısını vermisiniz?
– Bəli, çoxdan vermişəm, doğrusu heç yadımda deyil.
– O vaxtdan bəri sizin çoxmu kəndliniz ölmüşdür?
– Bundan xəbərim yoxdur. Mən belə güman edirəm ki, bunu prikazçikdən[9 - Приказчик (rus) – mülkədar mülkünü idarə edən şəxs] soruşmaq lazımdır. A gedə, prikazçiki çağır gəlsin, bu gün o burada olmalıdır.
Prikazçik gəldi. Onun qırxa yaxın yaşı olardı, saqqalını qırxdırmışdı, əyninə sürtuk geymişdi, görünür o çox rahat həyat keçirirdi: dolğun üzü elə bil ki, şişmişdi, sarıya çalan dərisi və xırda gözləri onun pərqu döşəklərə və nazbalışlara çox yaxşı bələd olduğunu göstərirdi. Baxan kimi bilmək olurdu ki, bu fəaliyyət sahəsinə o da başqa mülkədar prikazçikləri kimi gəlib çıxmışdır: əvvəl ağa evində yazı-pozu bilən kiçik nökər olmuş, sonra xanımın istəkli qulluqçularından birisilə – təsərrüfat işlərinə baxan bir qadınla evlənmiş, sonra isə özü təsərrüfat işlərinə baxmış, bundan sonra da prikazçik olmuşdur. Prikazçik olandan sonra da məlum şeydir ki, başqa prikazçiklər kimi hərəkət etməyə başlamışdır: kənddə daha çox varlı olan adamlarla durub-oturmuş, onlarla dostluq etmiş, kasıbların töycüsünü artırmış, səhər saat doqquzda yuxudan durmuş, samovar gözləmiş və çay içmişdir.
– Dost, mənə bax görüm, kəndlilərin siyahısı tutulandan sonra bizdə neçə kəndli ölmüşdür?
– Necə yəni? O vaxtdan bəri çox kəndli ölüb. – Prikazçik bunu deyib əlini sipər kimi ağzına qoyaraq hıçqırdı.
Manilov onun sözünə əsaslanaraq dedi:
– Bəli, etiraf edirəm ki, mən özüm də belə düşünürdüm. Bəli, çox kəndli ölmüşdür! – Çiçikova sarı dönərək əlavə etdi: – Doğrudur, çoxları ölmüşdür.
Çiçikov soruşdu:
– Məsələn, nə qədər olar?
Manilov da onun sözünü təkrar etdi:
– Hə, nə qədər olar?
– Nə qədər olduğunu hardan bilmək olar! Məlum deyil axı, ölənləri heç kəs saymayıb.
Manilov Çiçikova sarı dönərək:
– Bəli, bəli, heç kəs saymayıb, – dedi, – mən də elə güman edirəm ki, ölən çoxdur. Ancaq heç məlum deyil ki, nə qədər ölmüşdür.
Çiçikov prikazçikə dedi:
– Rica edirəm, sən get onları say, hamısının da adbaad siyahısını tut.
Manilov da son sözləri təkrar etdi:
– Bəli, hamısının da adbaad siyahısını tut.
Prikazçik: «Baş üstə» deyib getdi.
Prikazçik gedəndən sonra Manilov Çiçikovdan soruşdu:
– Bu axı sizin nəyinizə lazımdır?
Bu sual, deyəsən, qonağı bir qədər çətinliyə saldı; onun üzündə gərgin bir ifadə göründü. Hətta bundan qızardı da, sanki o nəsə demək istəyirdi, ancaq bunu söz ilə ifadə etməyə çətinlik çəkirdi. Doğrudan da Manilov öz dostundan elə qəribə və elə fövqəladə şeylər eşitdi ki, bunu hələ bu vaxta qədər insan qulağı eşitməmişdi.
– Siz soruşursunuz ki, bu mənim nəyimə lazımdır: bu mənə ona görə lazımdır ki, mən kəndli almaq istərdim… – Çiçikov kəkələyərək sözünü tamamladı.
Manilov:
– İcazə verin sizdən bir şey soruşum, – dedi, – siz kəndliləri necə almaq istəyirsiniz: torpaqları ilə bir yerdə, ya ayrılıqda, yəni ki, torpaqsız?
Çiçikov ona belə cavab verdi:
– Yox, mən əməlli-başlı kəndlilər almaqdan danışmıram, mən ölü kəndlilər almaq istəyirəm…
– Necə? Bağışlayın… Mən bir az ağır eşidirəm, qulağıma, deyəsən, çox qəribə bir söz dəydi…
– Mən ölü kəndliləri almaq istəyirəm, ancaq onlar siyahıda diri kimi göstərilməlidirlər.
Manilov bu sözü eşidəndə çubuğu əlindən yerə düşdü, ağzı açıldı və bir neçə dəqiqə elə bu vəziyyətdə qaldı. Dostluq həyatının gözəlliyindən bəhs edən bu iki dost, qədim zamanda divar aynalarının hər iki tərəfindən üz-üzə asılan portretlər kimi, gözlərini bir-birinə dirəyərək hərəkətsiz qaldılar. Nəhayət, Manilov çubuğu yerdən qaldırdı və altdan yuxarı Çiçikovun üzünə baxdı: o öz dostunun dodaqlarında istehzalı ya başqa bir təbəssüm olub-olmadığını görmək istəyirdi, ya bəlkə də dostu onunla zarafat edirdi. Ancaq o belə bir şey görmədi, əksinə, dostunun üzü hətta əvvəlkindən də ciddi idi. Sonra Manilov düşündü ki, bəlkə qonaq, demək olmaz, birdən dəli-zad olar, buna görə də qorxa-qorxa, həm də çox diqqətlə onu gözdən keçirdi. Lakin qonağın gözləri lap adi qaydasında idi: dəli adamların gözləri kimi vəhşicəsinə qaynamırdı, alışıb yanmırdı, ədəb xaricində heç bir şey yox idi, hər şey yerli-yerində idi. Manilov çox düşündü, çox götür-qoy elədi, çox tədbir tökdü, lakin ən nəhayət ağzında qalan tüstünü çox nazik halda bayıra buraxmaqdan başqa ayrı bir şey düşünə bilmədi.
– Bəli, mən bilmək istərdim ki, siz həqiqətdə canlı olmayan, lakin qanuni rəsmiyyət nöqteyi-nəzərindən canlı olan kəndliləri mənə verə bilərsinizmi, ya bəlkə sizin bu barədə daha yaxşı bir təklifiniz var?
Manilov elə utanmış və özünü elə itirmişdi ki, dinməz durub ona baxırdı.
Çiçikov soruşdu:
– Deyəsən, siz çətinlik çəkirsiniz?
Manilov:
– Mən?.. Yox, elə deyil, – dedi, – ancaq mən başa düşə bilmirəm ki… əfv edin… mən əlbət ki, elə gözəl təhsil ala bilməmişəm, necə ki, bu, belə baxanda, sizin hər bir hərəkətinizdə nəzərə çarpır; mən danışmağın yüksək sənətinə malik deyiləm… Bəlkə də burada… sizin indicə ifadə etdiyiniz izahatınızda… başqa gizli bir şey var… Bəlkə də siz, üslubunuz gözəl çıxsın deyə, fikrinizi buyurub belə izah etdiniz?
Çiçikov:
– Yox, yox, – dedi, – mənim nəzərdə tutduğum şey elə o şey özüdür, yəni o kəndlilərdir ki, onlar lap yəqin ölmüşdür.
Manilov lap özünü itirdi. O hiss edirdi ki, nə isə bir şey etməlidir, bir sual verməlidir, lakin necə sual – bunu təyin edə bilmirdi. Bu dəfə də o, ağzındakı tüstünü buraxmaqla düşüncəsinə yekun vurdu, ancaq tüstünü ağzından yox, burun deşiklərindən çıxartdı.
Çiçikov:
– Belə, əgər bir maneə-filan yoxsa, onda allahın iznilə qəbalə[10 - Купчая крепость (rus) – təhkimli kəndlini alqı-satqı müqaviləsi] bağlamağa qədəm qoya bilərik, – dedi.
– Necə, ölmüş kəndlilər üçün qəbalə?
– Bağlamaq olmaz? Biz yazarıq ki, onlar ölməmişdir; həqiqətdə təhkimçilik siyahısında da belədir. Mən mülki qanunlardan qətiyyən kənara çıxmamağa adət etmişəm, elə bunun da üstündə qulluqda mənim başıma iş gəldi; ancaq yox, bağışlayın, vəzifə mənim üçün müqəddəsdir, qanun da elə – mən qanundan çıxa bilmərəm.
Son sözlər Manilovun xoşuna gəldi, ancaq əsl məsələdən yenə də bir şey anlaya bilmədi; Çiçikova cavab vermək əvəzinə çubuğunu bərk-bərk sordu, elə də sordu ki, çubuq faqot[11 - Musiqi aləti.] kimi xırıldamağa başladı. Elə bil ki, o, Çiçikovun təklif etdiyi bu qəribə məsələ haqqında çubuqdan bir rəy almaq istəyirdi, çubuq isə ancaq xırıldayır, başqa bir şey söyləmirdi.
– Bəlkə siz bir şeydən şübhələnirsiniz?
– Ba! Heç elə də şey olar! Rica edirəm! Qətiyyən! Mən o barədə demirəm, yəni sizin haqqınızda tənqidi bir fikirdə-zadda deyiləm. Ancaq icazə verin, sizin qulluğunuza ərz edim ki, bu şeydən və, daha düzgün ifadə etmək lazım gəlirsə, bu alverdən, bəli, bu alverdən mülki qərarlar üçün və Rusiyanın gələcək işləri üçün bir uyğunsuzluq əmələ gəlməz ki?
Manilov bunu deyib başını bir az tərpətdi və çox mənalı-mənalı Çiçikovun üzünə baxdı, bu zaman onun sifətinin bütün cizgilərində və bir-birinə sıxılmış dodaqlarında elə dərin mənalı bir ifadə göründü ki, belə bir ifadə bəlkə də bu vaxta qədər heç insan sifətində görünməmişdir, bu ifadə olsa-olsa bəlkə də çox ağıllı bir nazirin sifətində, o da baş çatladan ən çətin məsələlərin həllində nəzərə çarpa bilər.
Lakin Çiçikov çox sadə bir şəkildə dedi ki, belə şeydən və ya alverdən mülki qərarlar və Rusiyanın gələcək işləri üçün heç bir uyğunsuzluq əmələ gəlməyəcəkdir; bir azdan sonra da əlavə etdi ki, hətta dövlət xəzinəsi bundan xeyir görəcəkdir, çünki bundan qanuni yol ilə rüsum alacaqdır.
– Demək siz güman edirsiniz ki…
– Mən güman edirəm ki, bu yaxşı olacaqdır.
– Hə, əgər yaxşı olacaqsa, bu ayrı məsələ: onda mən bunun əleyhinə bir söz deyə bilmərəm, – Manilov bunu deyib tamamilə sakitləşdi.
– İndi qalır qiymət məsələsi…
Manilov təəccüblə soruşdu:
– Necə yəni qiymət məsələsi? Yoxsa siz elə güman edirsiniz ki, mən bir növ ömürlərini başa verən kəndlilər üçün sizdən pul da alaram? Əgər, necə deyirlər, sizin başınızda belə fantastik bir arzu əmələ gəlibsə, onda mən öz tərəfimdən onları müftəcə sizə verirəm və qəbalə əqdini də öz üzərimə götürürəm.
Manilov bu sözü deyəndə qonaq hədsiz dərəcədə məmnun oldu: əlbəttə, bu hadisələri qələmə alan tarixçi bunu qeyd etməsəydi, onun üçün bu çox böyük bir nöqsan hesab edilərdi. Bəli, qonaq nə qədər abırlı və düşüncəli olsa da bu sözü eşidəndə az qaldı ki, keçi kimi yerindən sıçrasın, – məlumdur ki, adam ancaq ən böyük sevinc coşğunluğu duyanda beləcə atılıb düşmək istəyir. Oturduğu kresloda elə zərb ilə döndü ki, balışın üzünə verilən yun parça partlayıb cırıldı. Manilov təəccüblə ona baxdı. Qonaq öz razılığını bildirmək üçün təşəkkür ifadə edən o qədər söz söylədi ki, Manilov özünü itirdi və qıpqırmızı qızardı, başını yelləyərək bu təşəkkürə layiq olmadığını bildirdi və nəhayət dedi ki, mən öz könlümün şiddətli arzularını, qəlbimin maqnetizmini başqa şeylərlə izhar etmək istərdim, ölmüş kəndlilər nədi ki, bunlar boş-boş şeylərdir.
Çiçikov onun əlini sıxıb:
– Heç də boş-boş şeylər deyil, – dedi. Burada o çox dərindən bir ah çəkdi; sanki elə indicə ürəyini açıb tökəcəkdi, sonra isə hiss və həyəcanla bu sözləri dedi: – Siz heç bilirsinizmi, bu boş-boş şeylərlə yeri-yurdu məlum olmayan mənim kimi bir adama nə böyük bir yaxşılıq elədiniz! Bəli, doğrudan da mənim başıma nələr gəlməmişdir! Şiddətli dalğalar arasına düşən bir qayıq kimi… Necə ağır təqiblərə məruz qalmışam, necə acı-acı müsibətlər görmüşəm, özü də nəyə görə? Ona görə ki, həqiqəti gözləmişəm, vicdanım təmiz olmuşdur, zavallı dul arvadlara, başıbəlalı yetim uşaqlara kömək eləmişəm!.. – O hətta gözündən yuvarlanan yaşı yaylıqla sildi.
Manilov bundan son dərəcə mütəəssir olmuşdu. İki dost xeyli bir-birinin əlini sıxdı və kirimişcə xeyli bir-birinin gözlərinə baxdı: onların gözləri yaşarmışdı. Manilov bizim qəhrəmanın əlini buraxmaq istəmirdi və onu elə bərk-bərk sıxırdı ki, Çiçikov heç bilmirdi əlini onun əlindən necə xilas etsin. Axırda o yavaş-yavaş əlini onun əlindən çəkib çıxartdı və dedi ki, qəbalə əqdi tez düzəlsəydi pis olmazdı, özüm də bir şəhərə dəysəydim yaxşı olardı. Sonra o şlyapasını götürüb vidalaşmağa başladı.
Manilov birdən sanki yuxudan ayıldı və qorxmuş halda dedi:
– Necə? Siz getmək istəyirsiniz?
Bu zaman Manilovun arvadı kabinetə girdi.
Manilov şikayətli bir səslə dedi:
– Lizanka, Pavel İvanoviç bizi qoyub gedir!
– Ona görə gedir ki, biz Pavel İvanoviçi təngə gətirdik.
Çiçikov:
– Xanım, – dedi, – sizinlə keçirdiyim xoş dəqiqələr burada, bax burada, – əlini ürəyinin üstünə qoydu, – bəli, burada yaşayacaqdır! Və inanın ki, mənim üçün, sizinlə bir evdə olmasa da, heç olmazsa yaxın qonşuluqda yaşamaqdan böyük xoşbəxtlik ola bilməz!
Bu fikir Manilovun çox xoşuna gəldi:
– Bilirsinizmi, Pavel İvanoviç, – dedi, – doğrudan da, biz bir yerdə, bir damın altında yaşasaydıq və ya bir qarağac kölgəsi altında oturub müxtəlif məsələlər haqqında fəlsəfi düşüncələrə dalsaydıq, dərinlərə getsəydik nə yaxşı olardı!..
Çiçikov da ah çəkərək dedi:
– Bəli! Dünyada bundan gözəl bir həyat olmazdı! – O, Manilovun arvadının əlini öpərək əlavə etdi: – Əlvida, xanım! Əlvida, hörmətli dost! Mənim xahişimi unutmayın!
Manilov:
– Ba, heç elə də şey olar, arxayın olun! – dedi. – Mən sizinlə ancaq ikicə günlüyə ayrılıram, artıq yox!
Hamısı yemək otağına keçdi.
Çiçikov Alkidi və Femistoklyusu görüb dedi:
– Əlvida, əziz balalar! – Onların başı, ağacdan qayrılmış, qolları və burnu qırılmış bir qusara qarışmışdı. – Əlvida, körpə tifillərim! Siz məni əfv edin: mən sizə hədiyyə gətirməmişəm, ona görə gətirməmişəm ki, etiraf edirəm, sizin hətta dünyada yaşayıb-yaşamadığınızdan xəbərdar deyildim, amma indi gələn kimi mütləq gətirəcəyəm. Sənə qılınc gətirəcəyəm. Qılınc istəyirsənmi?
Femistoklyus:
– İstəyirəm, – deyə cavab verdi.
Sonra Alkidə sarı əyilərək sözünə davam etdi:
– Sənə də təbil gətirəcəyəm. Təbil, elə deyilmi?
Alkid başını aşağı dikərək pıçıltı ilə dedi:
– Təbil.
– Yaxşı, sənə təbil gətirəcəyəm. Elə gözəl təbil ki… Həmişə də çalacaqsan: dam-ba-dam, dam-ba-dam… Əlvida, əzizim! Əlvida! – Bunu deyib Alkidin başından öpdü, gülə-gülə Manilova və onun arvadına sarı döndü: belə bir gülüşlə adətən ata-anaya müraciət edirlər, bununla da onlara hiss etdirmək istəyirlər ki, uşaqlarının arzusu məsumanə bir arzudur.
Artırmaya çıxanda Manilov dedi:
– Doğrudan da, Pavel İvanoviç, getməyin, qalın. Bir ora baxın, hava gör necə buluddur!
– Elə şey deyil.
– Heç olmasa Sobakeviçgilə gedən yolu tanıyırsınızmı?
– Bunu sizdən soruşmaq istəyirdim.
– İcazə verin mən bu saat bunu sizin sürücüyə izah edim, – Manilov eyni nəzakətlə hansı yolla gedəcəyini sürücüyə izah etdi, hətta bir dəfə ona «siz» də dedi.
Sürücü Manilovdan iki yol döngəsini buraxıb üçüncü döngədən burulmaq lazım gəldiyini eşidib: «Zat-aliləri, taparıq» dedi və onlar yola düşdülər. Manilovla arvadı onların ardınca uzun-uzadı baş əydi və pəncələri üstə qalxaraq yaylıq elədilər.
Manilov artırmada durub uzaqlaşmaqda olan briçkaya xeyli baxdı; briçka gözdən itəndən sonra o yenə də çubuğunu çəkə-çəkə artırmada xeyli durdu. Nəhayət otağa girib stulda oturdu və düşüncəyə daldı: o öz qonağını, az da olsa, razı yola saldığına ürəkdən sevinirdi. Sonra o heç özü də hiss etmədən başqa şeylər haqqında düşünməyə başladı və xəyalından cürbəcür şeylər keçdi. O, gözəl dostluq həyatı haqqında düşünürdü: adam öz dostu ilə çay qırağında yaşasaydı nə yaxşı olardı! Sonra da bu çayın üstündən bir körpü salındı, nəhəng bir ev tikildi, evin də elə hündür qülləsi vardı ki, buradan lap Moskvanı görmək olardı, axşamlar da orada açıq havada oturub çay içərdin, könül xoşlayan şeylərdən söhbət açardın… Sonra onlar Çiçikovla bərabər gözəl karetalarda bir məclisə getdilər, orada öz xoş rəftarları ilə hamını valeh etdilər və guya padşah özü onların belə yaxşı dost olduqlarını eşidib hər ikisinə generallıq rütbəsi verdi; sonra o elə şeylər düşündü ki, bunların nədən ibarət olduğunu heç özü də anlaya bilmədi. Çiçikovun qəribə təklifi birdən onun yadına düşdü və bütün düşüncələrini qırdı: bu qəribə təklif onun beyninə heç batmırdı; bunu nə qədər öyür-çöyür eləsə də bir şey aydınlaşdıra bilmədi, çubuq çəkə-çəkə ta axşam yeməyinə qədər beləcə oturub götür-qoy elədi.
Üçüncü fəsil
Çiçikov isə xeyli vardı öz briçkasında oturub baş yol ilə gedirdi; onun kefi kök idi. Əvvəlki fəsildən Çiçikovun əsasən nə fikirdə və nə niyyətdə olduğu bizə məlumdur; buna görə də çox keçmədən onun bütün varlığı ilə bu məsələyə qurşanması heç də təəccüblü deyildir. O öz aləmində cürbəcür mülahizələr yürüdür, müxtəlif fərziyyələrə əl atır, götür-qoy eləyirdi və onun üzündəki ifadədən aydın olurdu ki, bu mülahizələr, fərziyyələr, götür-qoylar onun çox-çox ürəyinə yatan şeylərdir, çünki tez-tez onun üzündə məmnuniyyət bildirən təbəssüm izləri görünürdü. O öz fikrilə məşğul olduğundan, Manilovun nökərlərindən razı qalan sürücünün sağ tərəfdən qoşulan ala ata çox yerində məzəmmət etdiyinə heç əhəmiyyət vermirdi. Bu ala at çox bic at idi: özünü elə göstərirdi ki, guya briçkaya güc verir, amma əslində briçkanı, ortaya qoşulan kəhər at, bir də sol tərəfdən qoşulan, özünə də, bir nəfər iclasçıdan alındığı üçün, İclasçı adı verilən qonur at çəkirdi və ancaq onlar ürəkdən çalışırdı, belə ki, bundan duyduqları həzz hətta onların gözlərində də görünürdü. Selifan bir az yerindən qalxaraq, qamçını tənbəl ata çəkib deyirdi: «Bir bunun bicliyinə bax! Sən nə qədər bic olsan mən səndən də bicəm. Yerisənə, alman şalvarı! Bax, kəhər yaxşı atdır, o öz borcunu yerinə yetirir, mən lap ürəkdən ona bir xəlbir də artıq arpa verərəm, ona görə ki, o yaxşı atdır. İclasçı da yaxşı atdır… Hə, bir buna bax, qulaqlarını niyə silkələyirsən? Axmağın biri axmaq, sən deyilənə qulaq as! Ay gic, mən sənə pis şey öyrətmərəm. Gör hara çəkir! – Selifan yenə də ona bir qamçı çəkdi: «Hıy, çər dəymiş! Məlun Bonapart!» Sonra isə hamısının üstünə çığırdı. «Hə, əzizlərim!» deyərək hamısına cəza olmaq üçün deyil, razı qaldığını bildirmək üçün bir qamçı vurdu. Selifan atlara belə bir mehribanlıq göstərdikdən sonra yenə də ala ata sarı dönüb sözə başladı: «Sən elə bilirsən ki, öz bicliyini məndən gizlədəcəksən? Yox, sən bunu eləyə bilməyəcəksən! Əgər istəyirsən ki, sənə də hörmət eləsinlər, onda sən düz dolan. O mülkədar ki, onun evində idik, bax, onun adamları yaxşı adamdır. Yaxşı adamla mən lap ürəkdən söhbət elərəm. Yaxşı adamla həmişə dost olarsan, beləsi ilə lap ürəkdən yoldaşlıq da elərsən, əgər adam yaxşı adamsa, oturub onunla çay da içərsən, çörək də yeyərsən. Yaxşı adama hamı hörmət eləyir. Bax, bizim ağaya hamı hörmət eləyir, ona görə hörmət eləyir ki, ey, eşidirsənmi, bəli, ona görə hörmət eləyir ki, o, hökumət qulluğunda olub, o skoleskoy[12 - Təhrif edimiş “коллежский”(rus)]
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/nikolay-gogol/olu-canlar-68386231/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Yüngül, bəzən üstüaçıq minik arabası.
2
Блины (rus) – içərisinə döymə ət, kəsmik qoyulmuş yastı kökə
3
Щи (rus) – tərəvəz şorbası
4
Alman dramaturqu.
5
Müqəddəs Anna ordeni.
6
Stanislav ordeni.
7
Ekipaja qoşulmuş qabaq atlardan birinə minən sürücü.
8
Kərpic işarəli kart
9
Приказчик (rus) – mülkədar mülkünü idarə edən şəxs
10
Купчая крепость (rus) – təhkimli kəndlini alqı-satqı müqaviləsi
11
Musiqi aləti.
12
Təhrif edimiş “коллежский”(rus)