Tarixi yanlışlıqlar-ixtiralar…
Arif Əliyev
Elmi-kütləvi ədəbiyyat
Həyatımızı dəyişən möcüzəvi ixtiraları yaradanların adlarını bəzən heç düz deyə bilmirik. Bu kitabı oxuduqdan sonra belə ixtiraların əsl sahiblərini tanımış olacaqsınız.
Arif Əliyev
Tarixi yanlışlıqlar
Müəllifdən
Avtomat qələmlə yazırıq, həyatımızı telefonsuz, radiosuz təsəvvür etmirik, saatlarla kompüterin qarşısından qalxmırıq. Düşünmürük ki, bunları kim, necə icad edib, adi məişət qurğu və əşyalarına çevrilmiş bu möcüzələrin ixtiraçılarının adlarını bəzən heç düz deyə bilmirik. Təkcə ona görə yox ki, maraqlanmamışıq, bir sıra hallarda həm də ona görə ki bizə yanlış məlumat veriblər və bu yanlışlıqları kitabdan kitaba, lüğətdən lüğətə köçürə-köçürə növbəti nəsillərə ötürməkdə davam edirik.
Gəlin, bu səhvləri düzəltməyə, ömrünü həyatımızı yüngülləşdirməyə və insanların rifahını yüksəltməyə sərf edənlərin haqqını özlərinə qaytarmağa cəhd göstərək.
I. İXTİRALAR və KƏŞFLƏR
Polyak yazıçısı və tənqidçisi Karol İjikovskinin bir aforizmi var: “Nəyisə ixtira etmək azdır, gərək bu ixtiranı qiymətləndirən, heç olmazsa, onu oğurlayan olsun”.
Tarixdə başqalarının adına çıxılmış ixtiralar, yaxud vaxtında qiymətləndirilməmiş kəşflər, unudulmuş, uzun əsrlər sonra yenidən üstü açılmış sirlər çoxdur. Desək ki, Edison lampasını Edison icad etməyib, XVIII əsrdə sənaye inqilabının əsasını qoymuş buxar mühərriki isə eramızın I yüzilliyində kəşf olunub, əksəriyyət inanmaz. Amma bilin ki, bu, həqiqətdir. Telefonun əsl ixtiraçısı Antonio Meuççi həyatının son 13 ilini onun kəşfini mənimsəyərək milyonlar qazananlara qarşı məhkəmə proseslərində keçirib və ömrünü səfalət içində başa vurub. İlk kino aparatını Lümyer qardaşlarından 7 il əvvəl yaratmış Lui Le Prins ixtirası ilə birgə gecə qatarından müəmmalı şəkildə yoxa çıxıb və tezliklə unudulub…
Buxar maşını nə vaxt icad olunub?
Çoxları əmindir ki, sənayedə inqilab yaratmış buxar maşınlarının tarixi XVII əsrin əvvəllərindən başlayır. Lakin onlar təxminən 16 əsr yanılırlar.
Eramızın ilk yüzilliyində yaşadığı güman edilən yunan alimi İskəndəriyyəli Heron “Pnevmatika” adlı əsərində istilik enerjisinin hərəkətə gətirdiyi qurğuları təsvir edir. Bunlardan ən maraqlısı Eolipil (Aeolipile) – tarixdə ilk buxar maşınıdır.
Eolipil gövdəsinə dirsək şəklində iki boru pərçimlənmiş şar idi. Alov qurğunun içinə doldurulmuş mayeni qaynadanda borulardan çıxan buxar şarı sürətlə öz oxu ətrafında fırlanmağa məcbur edirdi. Beləliklə, Eol şarını buxar turbinlərinin “əcdadı” hesab etmək olar.
Heronun rəsmlərini verdiyi ikinci qurğu da maraqlıdır. Qurbangahda od qala- nan zaman bu qurğunun köməyi ilə məbədin qapıları öz-özünə açılırdı. Mürəkkəb rəsmləri diqqətlə öyrənən mütəxəssislər qərara gəliblər ki, Heronun həmin qurğusu tarixdə ilk buxar nasosudur.
Lakin yunan aliminin möcüzəvi ixtiraları antik bəşəriyyətə gərək olmadı və unuduldu. Buxar maşınlarına ehtiyac elmin və sənayenin çox-çox sonrakı inkişaf mərhələlərində yarandı. XVI əsrdə Osmanlı riyaziyyatçısı Taqi əl-Din Mühəmməd, XVII əsrdə italyan mühəndisi Ciovanni Branka, ispan ixtiraçısı İeronimo Bomont, ingilis alimi Edvard Somerset, fransız fiziki Denis Papin buxar mühərrikləri yaratmağa cəhd göstərdilər, lakin belə qurğuların çertyojunu tərtib etməkdən, yaxud sınaq modelini yaratmaqdan uzağa gedə bilmədilər.
Heronun buxar maşını
İlk mükəmməl buxar maşınının müəllifinin adı ətrafında elmi mübahisələr davam etməkdədir, amma onu birinci olaraq öz adına patentləşdirmiş ixtiraçı ingilis mühəndisi Tomas Saveridir. 1698-ci ildə Saveri “alovun köməyi ilə suyun qaldırılmasını və bütün növ istehsalın hərəkətə gətirilməsini təmin edən” qurğusunu rəsmən qeydə aldırdı. Göründüyü kimi, patentdə qurğunun təsviri çox yayğındır. Əslində isə söhbət kömür şaxtalarından qrunt sularını çəkmək üçün istifadə olunan buxar nasosundan gedirdi. Əlbəttə, Saverinin nasosu Heronun ixtirasından xeyli təkmil və sadə idi, lakin onun da böyük çatışmazlıqları vardı. Nasosun faydalı iş əmsalı aşağı idi, mühərriki işlətmək üçün həddən çox kömür yandırmaq lazım gəlirdi.
Saverinin patentləşdirilmiş ilk buxar maşını. 1698
Nəhayət, 1712-ci ildə Tomas Nyukomen sənayeçilərə özünün yeni buxar maşınını təqdim etdi. Nyukomen həmvətənlisi Saverinin qurğusunu xeyli təkmilləşdirdi, gücünü artırdı, amma yanacaq sərfiyyatını ciddi şəkildə azalda bilmədi. Həm də Nyukomenin maşınının ölçüləri çox böyük idi, onu gəmidə quraşdırmaq cəhdləri uğursuzluqla nəticələndi.
Yarım əsr sonra, 1763-cü ildə Qlazqo Universitetinin mexaniki Ceyms Uatta belə nasoslardan birini təmir etmək tapşırıldı. Uatt təmirlə kifayətlənmədi, maşını təkmilləşdirməyi qarşısına məqsəd qoydu. Onillik gərgin əmək və sınaqlar nəticəsində o, qurğunun faydalı iş əmsalını yüksəltməklə çəkisini də azaltmağın, yanacağa qənaət etməyin yolunu tapdı və 1773-cü ildə özünün buxar maşınını yaratdı. 1774-cü ildə Uatt sənayeçi Metyu Boltonla birgə buxar maşınları istehsal edən şirkət açdı. 1784-cü ildə şirkət ağır sənaye dəzgahlarını da işə salmaq gücünə malik universal qurğu icad etdi. Beləliklə, texnologiyanın inkişafında yeni bir dövr – buxar maşınları erası başlandı.
Azərbaycana isə ilk buxar maşınları XIX əsrin 50-60-cı illərində gətirildi. Onlardan fabrik istehsalında (toxuculuq sənayesi), yolların çəkilməsində (qırmadaşların preslənməsi) istifadə olunurdu. 1872-ci ildən etibarən primitiv neft quyuları buruqlarla əvəzlənəndə buxar mühərriklərindən qazma işlərində istifadə etməyə başladılar.
Telefonu kim ixtira edib?
Bəzi mütəxəssislər səsi az-çox uzaq məsafəyə ötürə bilən bir çox aləti “telefonlar dəstəsi”nə aid edirlər və hətta 968-ci ildə Çin mühəndisi Kunq-Fu-Vinqin borulardan düzəltdiyi primitiv qurğunun ilk telefon olduğunu deyirlər. Bu yolla getsək, onda gərək biz də Qobustan qayalığındakı qaval daşını “qədim telefon” adlandıraq və birincilik yarışına qoşulaq.
Müasir anlamda “telefon” dedikdə insanın səsini elektrik siqnallarının köməyi ilə dünyanın istənilən yerinə çatdıran aparat başa düşülür. XIX əsrin 70-ci illərindən XXI əsrin əvvəllərinədək bəşəriyyət onun həyatını dəyişmiş bu ixtiraya görə özünü amerikalı mühəndis Aleksandr Qrehem Bellə minnətdar sayırdı. Lakin 2002-ci il iyunun 11-də ABŞ Konqresi daha bir tarixi yanlışlığı aradan qaldırdı, telefonun florensiyalı mexanik Antonio Meuççi tərəfindən ixtira olunduğunu təsdiqləyən 269 saylı qətnamə qəbul etdi.
Kasıblığı, ingilis dilini yaxşı bilməməsi və qətiyyətsizliyi üzündən bir vaxtlar qüdrətli rəqibləri bu haqqı Meuççinin əlindən almışdılar.
Florensiyada ailəsinin dolanışığını təmin edə bilməyən Antonio 1837-ci ildə həyat yoldaşı Esterlə Kubaya köçmüşdü, yerli teatrda səhnə mexaniki işləyirdi. O, hətta teatr üçün elektrik generatoru da düzəltmişdi. Tədricən Meuççi zəif elektrik cərəyanının insan orqanizminə gümrahlaşdırıcı təsir göstərdiyinə diqqət yetirdi və bu fenomenlə ciddi maraqlanmağa başladı. Sonra isə kiçik müalicə müəssisəsi açdı. Bir dəfə möcüzə baş verdi. Xəstənin dodaqlarına yapışdırılmış naqilə cərəyan vermək üçün qonşu otağa generatorun yanına keçən Meuççi cihazda onun səsini eşitdi. Beləliklə, Meuççi həyatında ən böyük sirrin şahidi oldu: sən demə, elektrik cərəyanı səsi məsafəyə ötürməyə qadirmiş!
Bruklində (ABŞ) qoyulmuş bu abidə amerikalılara telefonun ixtiraçısının məhz Meuççi olduğunu xatırladır.
Ester öləndən sonra 1850-ci ildə Antonio Nyu-Yorka getdi. Uzun illər çalışdı və nəhayət, istəyinə nail oldu. 1860-cı ildə sonuncu puluna qəzetlərdən birində “naqillə qaçan səs aparatı” – telektrofon icad etdiyi barədə elan verdi. Elanı oxuyan “Western Union” teleqraf kompaniyasının rəhbərliyi Meuççiyə əməkdaşlıq təklif etdi və kiçik məbləğ müqabilində çertyojlar da daxil olmaqla, aparatın bütün sənədlərini ondan aldı.
Bellin ilk telefonunun orijinal əsasında yaradılmış nüsxəsi
Bir müddətdən sonra Meuççi ixtirasına ilkin (müvəqqəti) patent almaq üçün ərizə verdi və gözləməyə başladı. Lakin “Western Union”da ona sənədlərin itirildiyini deyir, get-gələ salırdılar. Meuççi ümidini itirmirdi. Yalnız 1876-cı ildə Amerika qəzetlərində “Western Union”un patronajı altında işləyən Aleksandr Bell adlı bir mühəndisin “danışan teleqraf”, mahiyyət etibarilə telefon ixtira etdiyi haqda xəbərləri görəndə o, aldadıldığını başa düşdü.
1876-cı il iyunun 25-də Bell öz telefonunu Filadelfiyada I elektrotexnika sərgisində nümayiş etdirdi. Artıq Meuççinin nəhəng kompaniyaya qarşı məhkəmədə vuruşmaqdan başqa yolu qalmırdı. Amma prosesi sürətləndirmək üçün lazımi qədər vəsait tapa bilmirdi. Nəhayət, 11 ildən sonra o, məhkəmənin əli ilə patentini “Western Union”un arxivlərindən çıxarmağa müvəffəq oldu. Amma patentin vaxtı ötdüyündən florensiyalı ixtiraçı ondan istifadə edə bilmədi. Dünyada ən böyük kəşflərdən birinə imza atmış şəxs 1889-cu ildə 81 yaşında ömrünü səfalət içində başa vurdu.
O zaman artıq sənaye ölkələri sürətlə telefonlaşdırılırdı. Bakıda da nəinki telefon, hətta 40 istifadəçisi olan mərkəzləşmiş kommutasiya sistemli şəbəkə vardı. Azərbaycanda ilk telefon xətti isə 1880-ci ilin dekabrında “Qafqaz və Merkuri” Gəmiçilik Cəmiyyəti tərəfindən çəkilmişdi. Xətt Cəmiyyətin “Naberejnaya” küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən “Kaspi” Neft Cəmiyyətinin kontorunu birləşdirirdi. Ardınca 1881-ci il noyabr ayının 23-də “Nobel Qardaşları Cəmiyyəti”nin əsas kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən 6 kilometrlik telefon xətti istismara verildi.
“Allo” – dünyanın əksər dillərində eyni cür səslənən və ən çox istifadə olunan bu telefon çağırışı kimin kəşfidir?
Bir çox mənbələrdə hələ də nəinki telefonun ixtiraçısının, hətta “hello” (sonradan bəzi ölkələrdə “alo”, “allo” forması alıb) telefon çağırışının da müəllifinin Aleksandr Bell olduğu göstərilir.
İlk vaxtlar (XIX əsrin 70-80-ci illəri) telefonla əlaqədə olan adamlar xəttin o başında eşidilmək üçün çox bərkdən danışmalı idilər. Aleksandr Bell özü aparatının sınaqları və nümayişləri zamanı “Ahoy” sözündən istifadə edirdi, hamıya da bunu məsləhət görürdü. Onun fikrincə, gəmilər qarşılaşarkən dənizçilərin bir-birini salamlamaq, yaxud xəbərdar etmək üçün qışqırdıqları “Ahoy” (“Ahoy-hoy”, “hoay”) sözü diqqəti dərhal cəlb edir, asan eşidilirdi. Şotland şairi Uilyam Falkoner 1769-cu ildə tərtib etdiyi universal naviqasiya lüğətində qeyd edirdi ki, həqiqətən də, gəmidə bosman “zirvədə olan kimsəyə tapşırıq vermək istəyəndə “Zirvə, hoay!” deyə qışqırır, zirvədəki isə onu eşitdiyini bildirmək üçün cavab verir: “Holloa!”
Amerikalı “Hello qızlar” iş başında. 1902
1876-1877-ci illərdə telefon aparatının təkmilləşdirilməsi üzərində çalışan başqa bir amerikalı ixtiraçı Tomas Edison isə eyni məqsədə “Holloa” sözünü daha uyğun hesab edirdi. Yeri gəlmişkən, bu sözün başqa bir forması (“Halloo”) ovçular tərəfindən ovu ürkütmək üçün istifadə olunurdu. Amma Edison telefon aparatı ilə sınaqlarında onu fərqli tələffüz edirdi: “hello”. 1877-ci il avqustun 15-də Edison Pittsburq telefon şirkətinin prezidentinə məktub ünvanladı. Həmin sənəd hazırda Nyu-York telefon şirkətinin arxivində saxlanılır. Məktubda məşhur ixtiraçı danışanların söhbətə “Hello” sözü ilə başlamasını təklif edir və yazırdı ki, “hello”, hətta “on, iyirmi fut məsafədən də aydın eşidilir“.
Təklif şirkət rəhbərliyinin xoşuna gəldi. Telefon rabitəsi kimi, “hello” sözü də sürətlə yayılmağa başladı. 1880-ci ildə Niaqara-Fols şəhərində telefon operatorlarının I qurultayının iştirakçıları yaxalarına vurduqları kimliklərin üzərində yazırdılar: “Hello, mənim adım filankəsdir”. 80-ci illərin sonlarında artıq bütün telefon stansiyalarında çalışan qadın operatorlara “Hello-qızlar“ deyirdilər. Və tədricən tək telefonda yox, küçədə də görüşəndə bir-birini “Hello” deyə salamlamaq ingilisdilli xalqların adətinə çevrildi.
Gilyotin harada ixtira edilib?
Bu ölüm maşını Fransa parlamentinin deputatı, anatom Jozef İqnas Gilyotenin (1738-1814) adını daşıyır. Deməli, Fransada ixtira edilib? Yox, belə deyil. Gilyoten ömrünün axırınadək qurğunun adının dəyişdirilməsinə çalışıb. Amma buna nail ola bilməyib. Nəticədə Gilyotenin varisləri öz soyadlarını dəyişməli olublar.
Gilyotini orta əsrlərdə indiki Böyük Britaniyanın Yorkşir qraflığında, Qalifaks şəhərində icad ediblər. Qurğu beş metr hündürlüyündə iki dirək arasında kəndirdən asılmış ağır metal ülgücdən ibarət idi. Qalifaksda mahud istehsal edirdilər. Mahudu qurutmaq üçün bayırdan asırdılar və bahalı parça tez-tez oğrulara qismət olurdu. “Qalifaksın dar ağacı” oğruları qorxutmaq üçün idi, ələ keçənlər edam edilirdi. Sənədlərə görə, 1541-1650-ci illərdə bu alətin köməyi ilə azı 53 caninin başı bədənindən ayrılıb.
Bəs necə olub ki, edam maşınına Fransa deputatının adı verilib?
Fransa inqilabından sonra “inqilab düşmənləri“nə çıxarılan ölüm hökmlərinin sayı-hesabı yox idi. Kimini yandırır, kimini asır, kimini suda boğurdular. Yalnız aristokratların başını vururdular. Bu edam növü daha az ağrılı (ona görə də humanist) və qədim romalıların ənənələrinə uyğun olaraq daha ləyaqətli hesab edilirdi.
1789-cu il oktyabr ayının 10-da Jozef Gilyoten parlamentin iclasında Fransanın penitensiar sistemini humanistləşdirmək və hamı üçün eyni edam üsulu tətbiq etmək – bütün ölümə məhkum olunanların başını vurmaq təklifi irəli sürdü. Deputatlar Gilyotenin çıxışını alqışlarla qarşıladılar, çünki onun təklifi inqilabın “Azadlıq, Bərabərlik, Qardaşlıq“ şüarına uyğun gəlirdi. Universal edam maşınının çertyojlarını hazırlamaq Cərrahiyyə Akademiyasının daimi katibi, doktor Antuan Luiyə tapşırıldı. Doktor Luinin Qalifakslıların bu sahədəki təcrübəsinə nə dərəcədə bələd olduğu bilinmir, amma fakt faktlığında qalır: fransız cərrahın tapıntısı britaniyalı mahud ustalarının ideyasına bənzədi. Yeni cihazın hazırlanmasında alman mexaniki və fortepiano ustası Tobias Şmidt və Parisin baş cəlladı Anri Sanson da iştirak etdi. 1791-ci ildə Konvent “Ölüm hökmü və onun icra üsulları haqqında“ yeni qanun qəbul etdi. 1792-ci il aprel ayının 17-si səhər saat 10-da Qrev meydanında Antonio Luinin qurğusu ilk sınaqdan çıxarıldı.
“Qalifaksda dar ağacı” 1541-1650-ci illərdə şəhərin Gibbet kücəsində olub. 1974-cü ildə tarixi eksponat kimi öz əvvəlki yerində quraşdırılıb.
İlk vaxtlar yeni edam maşınına “Luizon” deyirdilər. Amma bir müddət sonra adamlar nədənsə hesab etdilər ki, qurğu onu düzəldənin deyil, ideya müəllifinin adını daşımalıdır. Gilyoten qurğuya onun adının verilməsinə etiraz etsə də, buna əhəmiyyət verən olmadı.
1794-cü ildə az qala Gilyotenin öz başı ülgücün altına düşəcəkdi. Yayın əvvəlində o, Robespyerin əmri ilə həbs edilmişdi. Amma iyulun 27-də Robespyer də həbs olundu və ertəsi gün məhkəməsiz edam edildi. Bundan sonra Gilyoten azadlığa çıxdı.
Jozef İqnas Gilyoten 1814-cü ildə Parisdə vəfat etdi. Gilyotin isə Avropaya hələ 163 il də “xidmət” göstərdi. Bu mexanizm vasitəsilə sonuncu edam hadisəsi 1977-ci ildə Marseldə baş verdi. 1981-ci ildə gilyotin Fransada ölüm hökmü ilə birgə qadağan olundu.
Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv olunub. Lakin buna qədər də ölüm hökmlərinin icrası üçün heç vaxt gilyotindən istifadə edilməyib.
Nisbilik nəzəriyyəsinin müəllifi kimdir?
Bizim üçün nisbilik nəzəriyyəsi Albert Eynşteynin adı ilə bağlıdır. Amma Eynşteyn nisbilik nəzəriyyəsini irəli sürmüş ilk alim deyil, nəzəriyyənin adını da o qoymayıb.
“Nisbilik nəzəriyyəsi” termininin müəllifi Berlin Universitetinin professoru Maks Plankdır (1906). Fizikada zaman və məkanın nisbiliyi prinsipinin özü isə bundan 274 il əvvəl Qalileo Qalileyin “Dünyanın iki başlıca sistemi haqqında dialoqlar” əsərində (1632) təsvir olunub. Hərəkətsiz gəmidəki otaqda xırda həşəratların uçuşunu, balıqların akvariumda üzməyini, suyun damcılamasını müşahidə etməyi məsləhət görən Qaliley sonra yazır: “İndisə gəmini istənilən sürətlə hərəkətə gətirin və siz… müşahidələrinizdə heç bir fərq görməyəcəksiniz, onlara əsasən gəminin hərəkətdə olduğunu, yaxud yerində dayandığını müəyyən edə bilməyəcəksiniz… Damcı əvvəlki kimi altına qoyduğunuz qabın içinə düşəcək, azacıq da olsa, dala qalmayacaq, baxmayaraq ki o, göydə ikən gəmi bir neçə qarış qabağa gedib. Balıqlar akvariumda irəli sıçramağa geriyə doğru üzməkdən çox qüvvə sərf etməyəcəklər… Həşəratlar da bütün istiqamətlərdə eyni sürətlə uçacaqlar, havada olanda gəmi ilə bərabər hərəkət etmək üçün güc göstərməkdən yorulub otağın arxa divarına qonmayacaqlar… Səbəbi isə budur ki, gəminin hərəkəti onun içərisindəki bütün canlı və əşyalar, hətta hava üçün ümumidir“. Qaliley sübut edirdi ki, bütün kütlələr bir-birinə nisbətən daimi hərəkətdədir və hər hansı kütlənin sükunət vəziyyəti yalnız şərti xarakter daşıyır, müəyyən sistem daxilində mövcuddur. Nisbilik nəzəriyyəsinin mahiyyəti, əvvəllər qəbul edilən “sükunət nəzəriyyəsindən” başlıca fərqi də elə budur.
Qalileyin “Dialoq…” traktatının ilk nəşrlərindən birinin üz qabığı (1641, Lion). Nisbilik nəzəriyyəsinin əsasını təşkil edən ideya tarixdə ilk dəfə bu əsərdə irəli sürülüb.
XVII-XIX əsrlərdə nisbilik nəzəriyyəsinin inkişafına işığın sürətini təxmini də olsa hesablamağa müvəffəq olmuş danimarkalı astronom Olaf Remer, işıq dalğası nəzəriyyəsinin banilərindən fransız Oqyusten Frenel, klassik elektrodinamikanın yaradıcılarından britaniyalı Ceyms Maksvell, nisbilik nəzəriyyəsinin ilk eksperimental təsdiqini tapmış amerikalı Albert Maykelson, xüsusilə də elektron nəzəriyyənin “atası“ hollandiyalı Hendrik Lorens və işıq sürətinin dəyişməz olduğu barədə fərziyyənin müəllifi fransız riyaziyyatçısı Anri Puankare böyük töhfələr verdilər.
Nəhayət, 1905-ci ildə Eynşteyn “Hərəkət edən cisimlərin elektrodinamikasına dair” əsərində xüsusi nisbilik nəzəriyyəsinin, 1915-1916-cı illərdə dərc olunmuş əsərlərində isə ümumi nisbilik nəzəriyyəsinin əsaslarının aydın və dolğun təsvirini verdi. Eynşteyn özü də bu sahədə “xələflərinin” əməyini yüksək qiymətləndirirdi. Nisbilik nəzəriyyəsinin 50 illiyinə həsr olunmuş konfransın (1955) təşkilat komitəsinə ünvanladığı məktubda o yazırdı: “Ümid edirəm ki, Lorensin və Puankarenin xidmətləri lazımınca dəyərləndiriləcək”.
Edison lampasını kim ixtira edib?
Bəşər tarixində ən mühüm kəşflərə iddiaçıların müsabiqəsi keçirilsə idi, elektrik lampasının ixtiraçısı adına namizədlərin uzun bir növbəsi düzülərdi: belçikalı Jobard, ingilislər De La Ryu və Soun, almanlar Hebel və Nernst, ruslar Lodıgin və Yabloçkov, amerikalı alimlər Soyer və Men… Tomas Edisonu bu titulun şəksiz sahibi hesab edənlərə qəribə gələcək, amma, məsələn, Soun 1860-cı ildə özünün kömür telli közərmə lampasını nümayiş etdirəndə balaca Tomas hələ məktəbə gedirdi.
1820-1870-ci illərdə onlarla ixtiraçı uzunmüddətli işıq mənbəyi ola biləcək közərmə lampası yaratmağa cəhd göstərib. Əsas problemlər lampanın telinin dözümlülüyünü təmin etməkdən, onun yerləşdirildiyi şüşə qabın içərisində vakuum yaratmaqdan və s. ibarət olub. Nəhayət, 1872-1873-cü illərdə rus mühəndisi Aleksandr Lodıgin bütün sınaqlara davam gətirən belə lampa yarada bilib. 1873-cü ildə Peterburqun küçələrində artıq bir neçə fənərdə qaz lampasını Lodıginin elektrik lampaları əvəz edirdi.
Lodıginin elektrik lampası. 1873
Beləliklə, elektrik közərmə lampalarının müxtəlif formaları XIX əsrin 70-ci illərinin ortalarınadək dəfələrlə ixtira olunub nümayiş etdirilmişdi. Lakin bu ixtiralar böyük praktik əhəmiyyət kəsb etmirdi. 1879-cu il dekabrın 21-də “New York Herald” qəzeti yazırdı: “1873-cü ilədək elektrik közərmə lampaları az inikşaf etmişdi, ixtiraçılar ona qövs lampalarından xeyli az diqqət yetirirdilər. Amma mister Lodıginin əvvəllər keçilməz hesab edilən bir çox maneələri aşan kəşfi nəticəsində həmin ildən közərmə lampalarına maraq xeyli artdı”.
Edisonun ilk lampası. 1879
İndi gəlin, elektrik lampalarının kəşfi tarixinin ikinci hissəsini – onun praktik məqsədlərə uyğunlaşdırılması mərhələsini izləyək.
1870-ci illərin ikinci yarısında Amerika mühəndis və alimləri közərmə lampalarının böyük gələcəyini başa düşdülər və sınaqları intensivləşdirdilər. 1878-ci il iyun ayının 18-də Soyer və Men xeyli təkmilləşdirilmiş közərmə lampasına Amerikada ilk patent aldılar. Həmin ildən Tomas Edison da bu istiqamətdə axtarışlara başladı. Böyük istedadı və əməksevərliyi nəticəsində (təkcə kömür tellər üçün ən davamlı materialı seçmək məqsədilə Edison 6 min sınaq keçirdi) çox qısa zaman ərzində o, elektrik lampasını məişətdə istifadəyə tam yararlı vəziyyətə gətirdi, 1879-cu ilin sonunda “Kolumbiya” gəmisinə topladığı qonaqların gözü qarşısında 115 lampa ilə onu işığa qərq etdi və bir aydan sonra ixtirasını rəsmən qeydə aldırdı.
Amerika tarixi üzrə Smitson İnstitutunun Milli Muzeyinin saytında elektrik işıqlarının tarixinə həsr olunmuş maraqlı bir bölmə var. Bu bölmədə yazılıb: “Edison elektrik közərmə lampası ixtira etməyə çalışan nə birinci, nə də yeganə adam olmayıb. Bu məqsədə ABŞ-da Moisey Farmer, Uilyam Soyer, Albon Man, Hayrem Maksim, İngiltərədə Georq Leyn-Fok, Cozef Soun nail olublar”.
Britaniya ensiklopediyasına 1929-cu ildə daxil edilmiş məqalədə də göstərilir ki, Edison közərmə lampası icad etmiş ilk şəxs deyil. Bu ixtiraçıların sırasında A.Lodıginin (1872) və Cozef Sounun (1877) adları çəkilir. Edisonun isə misilsiz xidməti ondan ibarətdir ki, o, praktik tətbiqə malik, buna görə də geniş yayılmış elektrik işıqlandırma sisteminin əsasını qoyub, yüksək müqavimətli közərmə teli, mükəmməl və dayanıqlı vakuum yaratmağın, bir-biri ilə əlaqəsindən və aralarındakı məsafədən asılı olmayaraq, eyni zamanda çoxlu sayda işıq mənbəyinə cərəyan verməyin yolunu tapıb. Edison lampa üçün yivli oturacaq, patron, qoruyucular, elektrik düymələri icad edib, istehsal prosesini təkmilləşdirməklə üç il ərzində lampaların satış qiymətini 1 dollar 25 sentdən 22 sentə endirib və faktiki olaraq sadə adamların evinə işıq gətirib.
İnsanlar da onun bu yaxşılıqlarını unutmayıblar. Edisonun adını tarixə elektrik közərmə lampasının ilk ixtiraçısı kimi salıblar.
Azərbaycana ilk elektrik lampalarını 1880-ci ildə Volqa çayında və Xəzər dənizində gəmiçiliklə məşğul olan “Qafqaz və Merkuri” Gəmiçilik Cəmiyyəti gətirib. Cəmiyyətin Bakıda sərnişin limanında quraşdırdığı elektrik fənərləri axşamlar buranı şəhər sakinlərinin sevimli gəzinti yerinə çevirmişdi. Bundan sonra neft milyonçuları kiçik elektrik stansiyaları tikməyə başlayıblar.
1882-ci ildə isə “Nobel Qardaşları Cəmiyyəti“ neftayırma zavodunda sexlərin və ərazinin işıqlandırılması üçün 42 kv gücündə stansiya inşa etdi. Başqa bir stansiyanı tanınmış iş adamı Şəmsi Əsədullayev qurdurdu və ona xidmət üçün xaricdən mütəxəssislər dəvət etdi. Əsədullayevin stansiyası həm limanı, həm də sahibkarın Bakının mərkəzində yerləşən çoxmərtəbəli evini işıqlandırırdı.
Kinonu və kino aparatını kim ixtira edib?
Əgər 1890-cı il sentyabrın 16-da fransız əsilli ingilis fotoqrafı Lui Le Prins müəmmalı surətdə yoxa çıxmasaydı, indi dünya kinematoqrafiyasının paytaxtı Parisin Kapusinlər bulvarı yox, Lids şəhəri yaxınlığındakı Raundhey qəsəbəsi sayılardı.
Buna baxmayaraq təkzibolunmaz faktlar əsasında deyə bilərik ki, tarixdə ilk kino aparatının ixtiraçısı və ilk filmin müəllifi, dərsliklərdə yazıldığı kimi, parisli Lümyer qardaşları deyil, məhz Lui Le Prinsdir.
Hərəkət edən şəkillər çəkmək və nümayiş etdirmək imkanı verən aparat yaratmağa XIX əsrin 30-cu illərindən başlayaraq çoxları cəhd göstərirdi.
Le Prinsin ilk kino kamerası. 1886
1870-ci illərin sonlarında isə xəbər yayıldı ki, amerikalı fotoqraf Edvard Meybric, nəhayət, bu işin öhdəsindən gəlib. İki nəfərin mübahisəsini həll etmək üçün o, xüsusi qurğu fikirləşib. Kaliforniya ştatının qubernatoru deyirmiş ki, at qaçanda dörd ayağını da eyni vaxtda yerdən qoparır, mərc kəsən digər tərəfsə atın ayaqlarından ən azı birinin həmişə yerdə qaldığını iddia edirmiş. Meybric qubernatorun puluna xüsusi meydança – “fotodrom” hazırlayır və sahənin kənarında bir-birinə yaxın məsafədə çoxlu sayda fotokamera yerləşdirir. Onlar ardıcıl olaraq işə düşür, atın qaçış fazalarını qeydə alırlar. Sonra isə Meybric özünün icad etdiyi və zoopraksiskop adlandırdığı proyektorda şəkilləri hərəkətə gətirir, qaçan atın ani də olsa bütün ayaqlarını yerdən qopardığını sübuta yetirir.
Le Prinsin təkmilləşdirilmiş kino kamerası. 1888
Bu, əlbəttə, film deyildi, ardıcıl olaraq işə salınan fotokameraları da kinoaparat adlandırmaq olmazdı. Amma Meybricin eksperimenti 1881-ci ildə ABŞ-a köçmüş Le Prinsə ideya verdi və o burada özünün ilk 16 linzalı aparatını yaratdı. Aparat işə yaramadı: linzalar obyekti 16 fərqli rakursdan qeydə alırdı, ona görə də kadrlarda obyektin hərəkəti daha çox sıçrayışa bənzəyirdi.
1887-ci ildə Le Prins həyat yoldaşını Amerikada qoyub İngiltərənin Lids şəhərinə qayıtdı, burada təklinzalı kinoaparat üzərində işini yekunlaşdırdı və ixtirasını patentləşdirdi. Patentdə saniyədə 20 kadr çəkən və canlı şəkilləri nümayiş etdirən aparat, həmçinin metodun müəllifliyinin təsdiq olunduğu göstərilirdi.
1888-ci il oktyabr ayının 14-də Lui tarixdə ilk olaraq “Raundhey bağında səhnə”, ardınca “Lids körpüsündə nəqliyyatın hərəkəti” və “Akkordeon çalan” filmlərini yaratdı. Fotoemulsiya örtüklü kağız lent üzərində çəkilmiş filmlərdən birincisi, təxminən 2 saniyə, ikincisi 3 saniyəyə yaxın, sonuncusu 7 saniyə davam edirdi. Aktyorlar Le Prinsin ailə üzvləri və qohumları idilər. (Filmlərə aşağıdakı linklərdən istifadə etməklə Youtube-da baxa bilərsiniz:
http://www.youtube.com/watch?v=F1i40rnpOsA; http://www.youtube.com/watch?v=L7saH58usq4; http://www.youtube.com/watch?v=jwQcY1-XM6U, Le Prensin kinoaparatı isə hazırda Böyük Britaniyanın Milli Media muzeyində saxlanılır.)
Tarixdə ilk kinofilmdən səhnə. 14 oktyabr, 1888
1890-cı ildə Le Prins Amerikada yaşayan ailəsinin yanına qayıtmağa qərar verdi. ABŞ-da o öz ixtirasından yaxşı qazanc əldə edə bilərdi. Luinin həyat yoldaşı Nyu-Yorkdakı evlərində kinoseanslar təşkil etmək üçün xüsusi zal da hazırlamışdı. Amma əvvəlcə Le Prins vətəni Fransada bəzi işləri yoluna qoymalı idi. Sentyabrın 16-da gecə saat 3-ə yaxın qardaşı Albert onu Dijon stansiyasından Parisə yola saldı. Le Prins kinoaparat, proyektor, çertyojlar da daxil olmaqla, bütün yükünü özü ilə götürmüşdü. Parisdən Nyu-Yorka gedəcəkdi. Lakin həmin gecə ixtiraçı yükü ilə birlikdə qatardan yoxa çıxdı. Onu bir daha görən olmadı. İllərlə davam edən axtarış heç bir nəticə vermədi.
Le Prins yoxa çıxandan beş il sonra fransalı Lui Jan və Oqyust Lümyer qardaşları “kinematoqraf” adı verdikləri yeni aparat və proyektor ixtira etdilər. 1895-ci ilin dekabr ayının 28-də Kapusinlər bulvarındakı “Qran-kafe”də ilk pullu kino seansı təşkil olundu. Lümyer qardaşları bu seansda hər biri 40-50 saniyə davam edən 10 film nümayiş etdirdilər. Növbəti ildə isə dünya turnesinə çıxdılar və adlarını kino aparatının ixtiraçıları, ilk filmin müəllifləri kimi tarixə yazdılar.
Cəmi 2 il yarımdan sonra – 1898-ci ilin avqust ayının 2-də Bakıda da Vasilyev-Vyatskinin teatr-sirkində ilk kino seansı keçirildi. Onu 1884-cü ildən Bakıya köçmüş ukraynalı fotoqraf Aleksandr Mişon təşkil etdi. Mişon özünün istehsal etdiyi qısametrajlı sənədli filmləri (“İyulun 27-də Bibiheybətdə neft fontanı yanğını”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.), “İlişdin” adlı birdəqiqəlik bədii kinosüjetini tamaşaçılara təqdim etdi. Həmin tarix hazırda Azərbaycanda Kino Günü kimi qeyd olunur.
Morze əlifbasını kim ixtira edib?
Məntiqə görə, əlifba kimin adını daşıyırsa, həmin şəxs də onun müəllifidir. Lüğətlərin, internet sorğu bazalarının əksəriyyətində də belə yazılıb. Amma iki şəxs var ki, onların buna Samuil Morzedən daha çox haqqı çatır.
Morze əlifbası informasiyanı teleqraf vasitəsilə uzaq məsafəyə ötürmək üçün istifadə olunan xüsusi kodlar toplusudur. Bu əlifbada hərfləri nöqtə və tirelərin müxtəlif kombinasiyaları əvəz edir.
Özüyazan teleqraf aparatının ilk variantını amerikalı rəssam Samuel Morze ixtira edib və 1837-ci ildə Nyu-York Universitetində sınaqdan çıxarıb. Bu vəziyyətdə cihaz hələ ciddi praktik əhəmiyyət kəsb etmirdi, onun təkmilləşdirilməsinə ehtiyac vardı. Varlı sənayeçi Stiv Veyl oğlu Alfredin də Morze ilə çalışması şərti ilə ona 2000 dollar və işləmək üçün emalatxana verdi. Alfredlə Samuelin əməkdaşlığı məhsuldar oldu. 1844-cü ilin may ayının 24-də teleqraf aparatı dünyada ilk dəfə bir yerdən başqa yerə (Vaşinqtondan Baltimora) yazılı məlumat ötürdü. Bu, “İlahi, sənin işlərin möcüzədir” sözləri idi. Ötürücü açardan elektrik naqilləri ilə siqnallar göndərilir, qəbuledici elektromaqnit isə həmin siqnalları işarələr şəklində qeydə alır, sonra işarələr rəqəmlərə çevrilir, deşifrə olunurdu.
Dunyada ilk teleqram. Fraqment 24 may, 1844
Morzenin teleqraf aparatı üçün təklif etdiyi kodlar çox mürəkkəb və uzun idilər. Bir kiçik xəbəri deşifrə etmək üçün bir neçə səhifə doldurmaq lazım gəlirdi. Alfred Veyl Morzenin işarələr sistemini sadələşdirdi, birbaşa hərflərə çevrilə bilən kodlar, yəni faktiki olaraq əlifba hazırladı. 1848-ci ildə alman mühəndisi Fridrix Gerke ikinci “əlifba islahatı” həyata keçirdi, kodlar daxilində pauzaları ləğv etdi və məlumatın ötürülməsi prosesini xeyli sürətləndirdi. Yeni kodlar əvvəlcə Almaniya və Avstriyada tətbiq edilməyə başladı, 1865-ci ildə isə Parisdə Beynəlxalq Teleqraf İttifaqı tərəfindən qəbul olundu. Həmin vaxtdan əlifbaya çox az əlavələr edilib. Sonuncu dəfə 2004-cü ildə Beynəlxalq Elektrik Rabitəsi İttifaqı buraya nöqtə-tire-tire-nöqtə-tire-nöqtə “hərfi” daxil edib. Həmin “hərfdən” internet ünvanları ötürülərkən @ işarəsini qeyd etmək üçün istifadə olunur.
Beləliklə, əslində “Veyl-Gerke əlifbası” adlandırılmalı olan kod sistemi bütün dünyada “Morze əlifbası” kimi tanınıb. Çox ehtimal ki, bu, teleqraf aparatının patentinin Morzeyə məxsus olması və onun özünü hər yerdə tək aparatın yox, həm də kodların müəllifi kimi təqdim etməsi səbəbindən baş verib. Həqiqəti isə yalnız mütəxəssislərin dar çevrəsi bilir.
Penisillin kimin kəşfidir?
“Sarı möcüzə”, “Antibiotiklərin şahı“, “Ağıllı kif” – bunlar infeksiyalı xəstəliklərlə mübarizədə “misilsiz xidmətlərinə görə” alimlərin penisillinə verdikləri titullardır.
Penisillinin kəşfinin olduqca maraqlı və ibrətamiz tarixçəsi var. İnsanların bir vaxtlar mövcud olan yüksək mədəniyyətləri dağıdıb sonra zərrə-zərrə yenisini qurduqlarını nümayiş etdirmək üçün bundan uğurlu misal tapmaq çətindir.
Hansı ensiklopediyanı açsanız, orada penisillinin 1928-ci ildə Aleksandr Fleminq tərəfindən kəşf olunduğunu oxuyacaqsınız. Amma qədim Mi- sir, yunan, Çin təbiblərinin antibiotiklərdən istifadə etdiklərindən xəbər verən mənbələrlə çox az adam tanışdır. Mütəxəssislər təsdiq edirlər ki, XV-XVI əsrlərdə İnk imperiyasında kallavayalar (və ya kalyauayyalar) adlanan ara həkimləri çirk verən yaraları penisillinlə müalicə ediblər. Boliviyalı etnobotanik Enrike Poblite Oblitas “Kalyauayya mədəniyyəti” kitabında (1963) yazır ki, peşə sirlərini nəsildən- nəslə ötürən kalyauayyalar bu maddəni banan fermentindən, qarğıdalı və s. bitkilərin kifindən hazırlayırdılar. Onlar kif atmış bitkilərin göbələklərini yığır, müəyyən nisbətdə qarışdırır, qara rəngli mazı yaranın üstünə çəkirdilər. Göbələklərin tərkibindəki penisillin bakteriyaları öldürür, yara sürətlə sağalırdı. Oblitas bildirir ki, Boliviyanın Porta Akosta bölgəsində yaşayan bir ara həkimi əcdadlarından öyrəndiyi həmin üsülla onun dostunu da ağır xəstəlikdən qurtarıb.
Aleksandr Fleminq öz laboratoriyasında
İnklərin imperiyası avropalıların təcavüzü nəticəsində 1572-ci ildə dağılıb. İspan kankistadorları Cənubi Amerikadan indiyədək dünya hərb tarixində ən böyük qənimət sayılan bir sərvət çıxarıblar. Amma bundan da böyük sərvəti məhv ediblər. İnklərin təbabət elmində əldə etdikləri yüksək nailiyyətlərin kiçik bir qismi ilə hazırda Boliviyanın Huatayata bölgəsində yerləşən “Kallavayaların mistik dünyası“ muzeyində tanış olmaq olar.
Kalyauayya muzeyində şamanın “laboratoriyası”
Avropa alimləri isə bundan sonra da yüzilliklər ərzində insanın hüceyrələrini zədələmədən xəstəlik törədən mikrobları məhv etməyin yollarını axtarıblar. Nəhayət, 1928-ci ildə şotland bakterioloqu Aleksandr Fleminq sırf təsadüf nəticəsində buna nail olub.
Fleminq təbiətdə geniş yayılmış stafilokokk bakteriyaları üzərində sınaqlar aparırdı. Bitkilərdən hazırlanmış məhlullarda mikrobların davranışını müşahidə edirdi. Amma həmkarlarından fərqli olaraq məhlul dolu fincanları hər sınaqdan sonra yumurdu. Yalnız masasının üstündə yeni fincana yer qalmayanda təmizlik işləri aparırdı. Və məhlulu atmazdan əvvəl bir daha onu nəzərdən keçirirdi: bəlkə, gözünə nəsə maraqlı şey dəydi. Təbii ki, çoxdan qalmış bitki məhlullarının üstünü kif basırdı. Fincanlardan birinə baxanda Fleminq heyrətə gəldi: kif topasının ətrafında stafilokokklar məhv olmuşdular və sarı, bulanıq maye şəffaf damcılarla örtülmüşdü.
Fleminq kif topasının tərkibinin penicillium chrysogenum göbələklərindən ibarət olduğunu müəyyənləşdirdi. (Əslində isə alim yanılırdı, bu, çox nadir penicillium notatum göbələyi idi.) Fleminq kifdən nümunə götürüb onu şəffaf bəsləyici bulyon doldurulmuş şüşə qaba saldı. Bir həftə ərzində bulyonun üstü keçə kimi qalın təbəqə ilə örtüldü. “Keçə” əvvəl ağ rəngdə idi, sonra yaşıl rəng aldı və nəhayət, qaraldı. Bulyon özü isə sarı rəngə boyandı. Göbələkdən “süzülən” bu sarı maddəni Fleminq penisillin adlandırdı.
Lakin penisillini hərtərəfli sınaqdan çıxarmaq üçün onu qatışıqlardan ayıraraq saflaşdırmaq, kifayət qədər “təmiz və fəallığını uzun müddət qoruyan” preparat əldə etmək nə Fleminqə, nə də ixtiraçının bu işə cəlb etdiyi alimlərə nəsib oldu. Nəhayət, 1940-cı ildə Oksford Universitetinin professoru Hovard Flori və biokimyaçı Ernst Çeyn orijinal buxarlandırma üsulu ilə bir neçə qram təmiz dərman tozu hazırlaya bildilər. Onlar preparatı əvvəl ağ siçanların, 1941-ci ilin fevralında isə ümidsiz xəstələrin üzərində sınaqdan keçirdilər. Nəticələr hamını heyrətləndirdi: tozun, hətta otuz milyonda bir nisbətində məhlulu da bakteriyaların inkişafını dayandırmaq qabiliyyətini itirmirdi.
İndi penisillinin kütləvi istehsalına başlamaq olardı. Amma İkinci Dünya müharibəsində tez-tez faşistlərin hava hücumlarına məruz qalan və işğal təhlükəsi altında olan Böyük Britaniyada bu, mümkün deyildi.
1941-ci ilin iyununda Flori və Çeyn penisillinin istehsalını təşkil etmək üçün ABŞ-a yola düşdülər. Çantalarına qoyduqları tozdan savayı, onlar pencəklərinin astarını da penisillin məhlulu ilə islatmışdılar: baqajlarını əllərindən alsalar və ya yolda birinin başına iş gəlsə, o biri pen- cəyinə hopdurduğu dərmanın zərrəciklərini Amerikaya çatdıra və hər şeyi yenidən başlaya bilərdi…
II Dünya müharibəsi illərində ABŞ və Avropada geniş yayılmış plakat: “Penisillin onu evə qaytaracaq”. 1944
1945-ci ildə Fleminqə, Çeyniyə və Floriyə tibb sahəsində Nobel mükafatı təqdim edən Fondun nümayəndələrindən birinin dediyi kimi, “II Dünya müharibəsində qələbəyə penisillin 25 diviziyadan çox töhfə verdi”. Həqiqətən də, bəşər tarixində penisillin qədər insan həyatı xilas etmiş və onun ömrünü uzatmış ikinci bir dərman yoxdur. Amma Fleminq penisillinin kəşfini patentləşdirməkdən imtina etdi. O hesab edirdi ki, milyonlara xilas gətirən bir dərmanı gəlir mənbəyinə çevirmək düz deyil və təvazökarlıqla deyirdi: “Mən ixtiraçı deyiləm, Allahın yaratdığı möcüzənin təsadüfi şahidiyəm”.
Bəlkə də, həm də ona görə ki kallavayaların beş əsr əvvəl etdikləri kəşf barədə məlumatlı imiş?..
Şampan şərabını kim icad edib?
Yəqin, eşitmiş olarsınız: “Risk etməyən şampan şərabı içməz”. Buna bənzər deyimlər, məşhur adamlara məxsus aforizmlər çoxdur. Çünki əsrlərdir ki, şampan şərabı insanların həyatında uğur, qələbə rəmzinə çevrilib.
Bu köpüklənən içki növü üzümün ikinci dəfə qıcqırdılması üsulu ilə hazırlanır və Fransanın Şampan vilayətinin adını daşıyır. Ticarət markalarının beynəlxalq qeydiyyatı haqqında Madrid müqaviləsinə (1891) əsasən, “Şampan şərabı“ adı yalnız Fransanın bu vilayətində xüsusi texnologiya üzrə istehsal olunan şəraba verilə bilər. Həmin müstəsna hüquq Birinci Dünya müharibəsindən sonra imzalanmış Versal müqaviləsində bir daha təsdiq olunub. Hətta şərabın hazırlandığı texnologiyanı ifadə edən “şampanlaşdırma metodu” termininin də Fransadan kənarda kommersiya məqsədilə istifadəsi qadağandır. Başqa ölkələrdə istehsal olunan eyni içkilərə isə, sadəcə, “köpüklənən şərablar” deyilməli, şüşələrin etiketlərində “ənənəvi metodla hazırlanıb“ sözləri yazılmalıdır.
İngilis alimi Kristofer Merretin “Şəraba dair bəzi müşahidələr” traktatında (1662) azı 6 il bundan sonra fransız ruhanisi Dom Perinyon tərəfindən icad edildiyi deyilən “şampanlaşdırma metodu”nun təsviri
“Şampanlaşdırma üsulu“ ilə şərabın ilk dəfə harada və kim tərəfindən istehsal olunduğunu dəqiq söyləmək çətindir. Amma birmənalı olaraq deyə bilərik ki, ingilis həkimi və naturalisti Kristofer Merretin bu üsulun ixtiraçısı titulunu daşımağa fransız rahibi Dom Perinyondan daha çox haqqı çatır.
Bütün dünyada şampan şərabının məhz rahib Pyer Perinyon tərəfindən icad olunduğu qəbul edilib. Perinyon 1668-ci ildən ömrünün sonunadək (1715) Şampan vilayətinin Otviller (Saint-Pierre d’Hautvillers) abbatlığında “prokuror”, müasir dillə desək, işlər müdiri olub. Abbatlığın geniş üzüm bağları, böyük çaxır zirzəmisi var idi. Perinyonun şagirdlərindən birinin “Şampanda şərabçılıq haqqında“ traktatında yazdığına görə, istedadlı rahib məhsulun yığım vaxtını iqlimdən asılı olaraq dəyişməklə, müxtəlif üzüm növlərinin şirəsini qarışdırmaqla gözəl ətirli və yüksəkkeyfiyyətli çaxırlar hazırlayırdı. O, köpüklənən şərabların istehsal texnologiyasını da xeyli təkmilləşdirmişdi. Əvvəllər belə şərabları çəlləklərdə saxlayırdılar. Qaz qabarcıqlarının yaratdığı təzyiq tez-tez çəlləkləri partladırdı. Perinyon köpüklənən şərabları təzyiqədavamlı şüşə qablara süzməyə, onların ağızlarını bağlamaq üçün mantar tıxac və metal torlardan istifadə etməyə başladı.
Dünyanın ən məşhur şampan şərabı zavodunda (Eperne, Şampan vilayəti) Perinyona qoyulmuş abidə
Perinyonun şərabçılıq sahəsində böyük uğurları ruhanini bütün vilayətdə məşhurlaşdırdı, ölümündən sonra onun haqqında müxtəlif əfsanələr uyduruldu. Perinyonun köpüklənən şampan şərabının “atası“ olduğu barədə mif də belə yarandı. Bu mifin konkret müəllifi bəllidir: Otviller abbatlığının sonuncu işlər müdiri olmuş Jan-Batist Qrossard. Qrossard 1821-ci il oktyabr ayının 25-də (Perinyonun ölümündən 106 il keçdikdən sonra) Şampan vilayətinin Ai şəhərinin merinə ünvanladığı məktubda yazırdı: “Köpüklənən ağ şərabın sirrini məhz məşhur Pyer Perinyon açıb“. Həmin məktub Perinyonun “birinci” olduğuna inananların ən ciddi sübutu, onların istinad etdikləri ilk tarixi mənbədir. Amma məktubda “şərabın sirrinin” nədən ibarət olduğu barədə heç nə deyilmir. Perinyonun şampan şərabını 4 avqust 1693-cü ildə rahiblərə təqdim edərkən guya “Baxın, mən ulduzları içirəm” deməsi barədə daha bir əfsanəni isə XIX əsrin sonlarında şərab reklamçıları özləri uydurublar.
Amma Perinyon Otvillerə köçməmişdən də 6 il əvvəl, 1662-ci il dekabrın 17-də Londonun Kral Cəmiyyətində başqa bir təqdimat keçirilib və bunun tarixi fakt olduğunu təsdiq edən sənəd Cəmiyyətin arxivində qalır. Həmin gün ingilis naturalisti Kristofer Merret səkkiz səhifəlik “Şəraba dair bəzi müşahidələr” traktatını elm adamlarının müzakirəsinə çıxarıb. Əsərin “Qazlı oynaq şərabı necə hazırlamalı“ bölməsində Merret çaxıra şəkər əlavə edərək təkrar fermentasiya üsulu ilə köpüklənən içki istehsal etməyin yolunu göstərib. Merretin təsvir etdiyi həmin üsul hazırda “şampanlaşdırma metodu” adlanan üsuldan demək olar ki, fərqlənmir.
“Konkordiya” kooperativində konyak və köpüklənən şərab istehsalı. Kooperativin “Kolleksionnoe” şampan şərabı rus imperatorunun sarayına da göndərilirdi.
Azərbaycanda “şampanlaşdırma metodu” ilə çaxır istehsalına məhdud miqdarda 1908-ci ildə Yelenendorfda (Xanlar) alman köçkünlərin “Konkordiya” kooperativində başlanıldı. Lakin bir müddətdən sonra dayandırıldı və yalnız XX əsrin 30-cu illərində bərpa edildi. O vaxtlar Azərbaycan SSRİ-nin tərkibində idi. Sovetlər ölkəsi Ticarət markalarının qeydiyyatı haqqında Madrid müqaviləsinə qoşulmamışdı və həmin sənəddəki qadağaların bizim respublikaya aidiyyəti yox idi. Odur ki ilk dəfə burada 1935-ci ildə Bayanşirə üzüm növündən hazırlanmış təcrübi partiyaya şampan şərabı adı verdilər. 1936-37-ci illərdə Xanlar şərab zavodunda (sonradan Xanlar Aqrosənaye Şərabçılıq Kombinatı) şampan şərablarının sənaye istehsalının əsası qoyuldu. Həmin kombinatda indi də köpüklənən şərablar (daha “şampan“ deyə bilmərik, çünki artıq Azərbaycan Madrid müqaviləsinə qoşulmuş ölkələr sırasındadır) istehsal edilməkdədir.
Yel dəyirmanı nə vaxt və harada icad edilib?
Servantesin yaratdığı Don Kixot obrazı nəinki incəsənətdə, hətta insanlar arasında adi ünsiyyətdə də ən çox xatırlanan ədəbi obrazlardandır. Birini Don Kixota bənzədəndə mütləq əlavə edirlər: “Bu da onun kimi yel dəyirmanları ilə vuruşur“.
Bəs sadəlövh, nəcib qəhrəmanın vuruşduğu yel dəyirmanlarını kim, nə vaxt yaradıb?
Mənbələri nə qədər çox araşdırsanız, bir o qədər variantınız olacaq. Əksər tədqiqatçılar yel dəyirmanının I əsrdə qədim yunan riyaziyyatçısı və mühəndisi İskəndəriyyəli Heron tərəfindən ixtira olunduğunu bildirirlər. Digərləri iddia edirlər ki, ilk yel dəyirmanları eramızdan 400-500, hətta 1000 il əvvəl Çində və Tibetdə yaradılıb. Başqa mənbələrdə belə qurğuların hələ e.ə. XVIII əsrdə Babilistanda geniş yayıldığı göstərilir və sübut kimi çar Hammurapinin bazalt daşı üzərində ovulmuş Kodeksinə (qanunlar toplusu) istinad edilir. Daha uzaqlara – e.ə. V minilliyə gedib çıxanlar da var.
Gəlin, əvvəlcə “yel dəyirmanı“nın nə olduğunu araşdıraq. Bu, bir çox lüğət və ensiklopediyalarda verildiyi kimi, sadəcə, “pərləri hərəkətə gətirib külək enerjisi hesabına mexaniki iş görən aerodinamik qurğu“ deyil. Əgər həmin qurğunun gördüyü mexaniki iş zamanı hər hansı bərk cisim üyüdülmürsə və ya parçalanmırsa, ona dəyirman demək olmaz. Heronun yaratdığı qurğu klavişli-nəfəsli musiqi alətinə “hava vurmaq” və insanın müdaxiləsi olmadan onu çalmaq üçün idi. Qədim Çində külək enerjisinin hərəkətə gətirdiyi qanadlar dini ayinlər zamanı yandırılan çıraqları fırladır, bir növ “ruhların nəfəsi” rolunu oynayırdı. Çar Hammurapinin Kodeksində isə eyni prinsip üzrə işləyən böyük qurğulardan geniş ərazilərin suvarılması üçün istifadə edilməsindən bəhs olunur.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/arif-aliev/tarixi-yanlisliqlar-ixtiralar-68289628/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.