Şəmsəddin Eldəniz
Əkbər N. Nəcəf
Tarixi yaradanlar
Bu kitabda Atabəy Şəmsəddin Eldənizin həyat və fəaliyyəti, eləcə də onun yaşadığı dövrdə Azərbaycanın ictimai-siyasi və sosial-mənəvi mənzərəsi ilə bağlı bir-birindən maraqlı faktlarla tanış olacaqsınız.
Əkbər N.Nəcəf
Şəmsəddin Eldəniz
"Atabəy Eldəniz ağıllı və vicdanlı biri idi, xalqın arasında oturur, onun şikayətlərini dinləyir və ədalətli hökm çıxarırdı".
İbn əl-Əsir
I FƏSİL
ELDƏNİZİN GƏNCLİYİ
Qırxıncı qul
Rəvayətə görə, qıpçaqların qul bazarında belə bir qayda vardı. Əgər bir tacir bir dəfəyə qırx qulun hamısını alsaydı, qul alverçisi yalnız otuz doqquzunun pulunu alır, qırxıncı qulu ona bağışlayırdı.
Səlcuqlu hökmdarı Sultan Mahmudun zamanında (1118 –1131) iraqlı bir qul taciri eyni qayda ilə qırx qulu birdən aldı. Qul alverçisi də tacirdən otuz doqquz qulun pulunu götürdü, qırxıncını isə hədiyyə etdi. Həmin qul həddən arıq çəlimsiz olduğundan tacir onu könülsüz qəbul elədi. Sonra da qulları arabaya mindirib İraq yolunu tutdu.
İlin yay fəsli olduğundan karvan ancaq gecələr hərəkət edir, gündüzlər dincəlirdi. Qırxıncı qul yolboyu elə hey yuxuladığından arabadan üç dəfə yerə yıxılmışdı. İki dəfə onu qaldırıb arabaya qoysalar da, üçüncü dəfə tacir əmr elədi ki, onu yolda buraxsınlar. Nədə olsa bu qula pul verməmişdi, üstəlik, belə sısqa, çəlimsiz biri, çətin ki, tacirin işinə yarayardı. Əksinə, bu qulun qarnını doyurmaq boş yerə məsrəf demək idi.
Elə ki səhər açıldı, qul yuxudan ayıldı, sağa-sola boylandı, ətrafda kimsəni görməyib karvanın getdiyini yəqin elədi. Ayağa qalxıb arabanın izlərini təqib edərək qızmar günəşin altında bütün günü yol getdi, axırda axşama doğru karvanı haqladı. Qulun bu fərasəti və ağlı taciri çox heyrətləndirdi.
Qaydaya görə, Səlcuqlu dövlətinin ovaxtkı paytaxtı İsfahana gətirilən qul karvanlarını əvvəlcə dövlət adamları gözdən keçirirdilər. Onlar sağlam, bacarıqlı qulları seçib alır və orduya cəlb edirdilər. Haqqında danışılan tacir də qullarını sultanın vəziri Kəmalülmülkə təqdim elədi. Vəzir onları bir-bir gözdən keçirdi, aralarından bəzilərini seçdi. Seçmədiyi qullar arasında, şübhəsiz ki, barəsində bəhs elədiyimiz həmin sısqa, çəlimsiz qul da var idi. İşi belə görən qul vəzirin ətəyinə yapışıb yalvar-yaxar etdi ki, onu da özü ilə aparsın.
Aradan illər keçəcək, bu qul Səlcuqlu sultanlığının ən böyük əmirləri[1 - Əmir – ordu başçılarına, iqta olaraq aldıqları əyalətlərin başında dayanan komandanlara, eləcə də bəylərə verilən ad] və atabəyləri[2 - Atabəy – Səlcuqlu və digər türk dövlətlərində hökmdar övladlarının təlim-tərbiyəsi ilə məşğul olan, onlara gənc yaşlarda dövlət idarəçiliyini öyrədən, bilavasitə sultan tərəfindən vəzifələndirilmiş əmirlərə verilən titul. Türkcə «ata» və «bəy» sözlərinin birləşməsindən yaranmışdır.] sırasında yer alacaq, tarixə Şəmsəddin Eldəniz kimi düşəcəkdi…
Qullar və qul yolları
Eldənizin qul kimi aparıldığı yol mübahisəlidir. Birinci ehtimala görə, onun olduğu qul karvanı indiki Türkmənistan torpaqlarından keçərək Xorasana, oradan da Həmədana gəlib. İkinci ehtimala görə, Eldəniz Qara dənizin şimalından Dərbənd yolu ilə Azərbaycana gətirilib. Hər iki ehtimal ağlabatan görünür. Lakin Eldənizin gətirildiyi karvan yolu haqqında mənbələrin verdiyi təsvirdən belə başa düşmək olar ki, söhbət Orta Asiya-Xorasan yolundan gedə bilər. Çünki məhz həmin yolun keçdiyi ərazilərdə bərk istilər olurdu. Belədə karvanlar gündüz dincəlib gecə hərəkət eləmək məcburiyyətində qalırdı.
O ki qaldı qul ticarətinə, bu, qədim dövrlərdən geniş yayılmışdı. Qədim Misir, Orta Şərq, Yunan və Romada istər dövlətlər, istərsə də mülkədarlar qul əməyindən geniş istifadə edirdilər. İslamın meydana çıxmasından sonra şəriət hüququ qul əməyindən istifadəyə ciddi məhdudiyyətlər qoydu. Məsələn, qədim dövrlərdən fərqli olaraq şəriətdə qullar müharibə əsiri və qeyri-müsəlmanların satın alınması yolu ilə əldə edilirdi. Əsir və ya satın alınan qul müsəlmanlığı qəbul etdiyi təqdirdə o, azad olunurdu.
Müsəlmanlar qul əməyindən Əməvi xilafətinin (661–750-ci illər) hələ ilk dövrlərindən faydalanırdılar. Qullardan öncə gündəlik işlərdə, bir müddət sonra isə bürokratiya və orduda istifadə edilməyə başlanmışdı.
Yunan və Roma dövrünün quldarlıq sistemindən fərqli olaraq müsəlman hüququnda qullara müəyyən imtiyazlar verilmişdi. Məsələn, qulu incitmək, işgəncə vermək, qeyri-əxlaqi və qanunsuz işlərə məcbur etmək qadağan idi. Belə hallarda qulun sahibini ağır cəza gözləyirdi. İslam cəmiyyətində silk[3 - Silk – feodalizm dövründəki sinfi münasibətlər əsasında meydana gələrək varislik hüquq və vəzifələri qanunən möhkəmlənmiş ictimai qrup, təbəqə] anlayışı yox idi, odur ki müsəlmanlığı qəbul edən qulun sahibkar, tacir, dövlət məmuru və hətta hökmdar olması yasaq deyildi.
Əməvilər dövründə hədsiz varlanan müsəlman ərəblər başda ordu olmaqla bir çox siyasi-hərbi mükəlləfiyyətlərdən boyun qaçırmağa başladılar. Nəticədə əsgər çatışmazlığı yarandı. Bu isə satın alınan qulların orduya cəlb edilməsinə gətirib çıxardı. Beləliklə, tədricən qulam adı verilən sistem yarandı. Satın alınan qulların təhsil və tərbiyəsi ilə məşğul olan həmin sistem onlardan peşəkar hərbçilər, əyanlar yetişdirilirdi. İş o yerə çatdı ki, Abbasilər xilafətinin hakimiyyətdə olduğu dövrün (750 – 1258-ci illər) ortalarında ordu və dövlət sistemi tamamilə qulamların əlinə keçdi.
Qulamlıq sistemi təkcə qullara olan tələbatı artır-madı, eyni zamanda İslam coğrafiyası xaricindən qulların müsəlman şəhərlərinə üz tutmasına səbəb oldu. Artıq IX əsrdə xilafətin bütün sahələrində təhsilli qul və qulamlar xidmət edirdilər. Bu dövrdə müsəlman aləmində musiqişünaslardan ədəbiyyatçılara, hərbçilərdən dövlət məmurlarına və vəzirlərə qədər qul kimi satın alınaraq böyük vəzifələrə yüksəlmiş çox sayda qulam vardı. Üstəlik, qulamlıq sistemi müsəlman olmayan ölkələrdə yaşayan insanlar üçün karyera baxımından ciddi fürsətə çevrilmişdi. Həmin ölkələrdə qul olaraq alınmaq üçün tacirlərə yalvaran yüzlərlə qul İslam coğrafiyasına gəlir, onların bir çoxu istəklərinə çatır, yüksək vəzifələr, mövqelər tutur, var-dövlət, şan-şöhrət sahibinə çevrilirdi. Şəmsəddin Eldənizin həyatı bunun tipik örnəklərindən biridir.
Əməvi və Abbasi xilafətləri zamanında Afrika, Orta Asiya, Xorasan və Azərbaycanda qul bazarları fəaliyyət göstərirdi. Qul dolu karvanlar İslam aləminə başlıca beş istiqamətdən gətirilirdi:
1. Azərbaycan: Volqa çayı vasitəsilə Xəzər dənizinə sudan, Volqa ətrafından Xamliç-Səməndər-Dərbənd yolu ilə qurudan gətirilən qullar Dərbənddə cəmləşir və buradan cənub ölkələrinin bazarlarına aparılırdı. Bu marşrutdan ən çox xəzər, daha sonra qıpçaq türkləri istifadə ediblər. Eyni yoldan yararlanan ruslar minlərlə slavı[4 - Slavlar – Avropada ən böyük etnodilli icma. Bu icmaya ruslar, beloruslar, ukraynalılar, serblər, xorvatlar, boşnaklar, monteneqrolular, makedonlar, slovenlər, bolqarlar, çexlər, polyaklar və slovaklar daxildir (red.).] qul kimi müsəlman tacirlərə satırdılar.
2. Cürcan: Xəzərin şərq istiqaməti ilə Xarəzmə[5 - Xarəzm – Orta Asiyada (Özbəkistan, Qazaxıstan, Türkmənistan) tarixi-coğrafi bölgə və Xarəzmşahlar dövlətinin yerləşdiyi ərazi (red.)], oradan isə Xorasana gedən karvan yolları əsasən Volqa bolqarları, oğuzlar və xarəzmlilərin nəzarətində idi. Xüsusilə Qafqaz marşrutu üzrə təhlükələr yarandıqda istifadə olunurdu.
3. Əndəlüs: yəhudi tacirlər vasitəsilə İspaniya bazarlarına gətirilən qullar oradan Şimali Afrika ölkələrinə və Orta Şərqə aparılırdı. Müsəlman coğrafiyasında ağdərili qullara tələbat yüksək olduğundan orta əsr Avropasında qul ticarəti böyük gəlir gətirirdi.
4. Bizans: paytaxt Konstantinopol bütün Balkan öl-kələrinin quru yollarının və Qaradəniz ilə Aralıq dənizi su yollarının birləşdiyi xəttin tam üstündə yerləşirdi. Odur ki bu şəhər qul ticarətinin də mərkəzinə çevrilmişdi. Buraya gətirilən qullar rum, erməni və yəhudi tacirləri tərəfindən cənuba, İsgəndəriyyə (Misir) və Şam (Suriya) bazarlarına aparılırdı.
5. Afrika: müsəlman olmayan Afrika ölkələrindən gətirilən qaradərili qullara «zənci» və «həbəşi» adı verilirdi. Qaradərili qulların əməyindən əsasən kənd təsərrüfatında, ev və təmizlik işlərində istifadə olunurdu. İslam coğrafiyasında ən çox istismara məruz qalanlar da qaradərili qullar idi. Bu səbəbdən xilafət zamanı bir neçə «zənci üsyanı» baş vermişdi.
Azərbaycandakı ən böyük qul bazarı Dərbənd idi. Bura uzun əsrlər boyu şimal ölkələri ilə müsəlman ölkələri arasında ticarət xəttinin əsas dayanacağı idi. Həm quru, həm də dəniz yollarının kəsişdiyi nöqtədə yerləşən Dərbənd eyni zamanda önəmli liman şəhəri idi. Bunun başlıca səbəbi Xəzər dənizi üzərində əlverişli mövqeyə sahib olması idi. Üstəlik, bu dənizin Dərbənd sahilləri gəmilərin quruya yanaşması baxımından çox əlverişli idi: orada gəmilərə əngəl yarada biləcək sualtı mərcan qayalıqlarına rast gəlinmirdi. Deyilənləri ümu-miləşdirdikdə güclü qala divarları ilə əhatə olunan şəhərin şimalla cənub arasındakı ticarətin birləşdiyi nöqtəyə çevrilməsi təəccüb doğurmur. Çox sayda bazarı ilə tanınan Dərbəndin bir başqa xüsusiyyəti isə şimal – cənub marşrutu üzrə qul ticarətinin də mərkəzi olması idi. Məşhur səyyah Yaqut əl-Həməviyə[6 - Yaqut əl-Həməvi (1178 – 1229) – Bizans əsilli ərəb coğrafiyaşünası və səyyahı. Maraqlıdır ki, Yaqut əl-Həməvi də Suriya tacirlərindən birinin qulu оlmuş və müsəlmanlığı qəbul etmişdir.] görə, bu şəhər «hər cinsdən (millətdən – müəl.) qulun satıldığı» yer idi.
Şimal ölkələrindən gətirilən və tarixi mənbələrdə adları səkalibə, xəzəri, rumi, erməni, becenaki (peçeneq[7 - Peçeneqlər – 9 –11-ci əsrlərdə Cənub-Şərqi Avropada köçəri həyat sürmüş türk mənşəli qədim xalq]), burtasi olaraq qeyd edilən bu qulların sayı minlərlə idi. Qul alverçiləri Dərbənddən aldıqları qullarla birgə Aranın[8 - Aran ( və ya Arran) – antik yunan mənbələrində Albaniya, süryani mənbələrində Ran və ərəb mənbələrində ər-Ran (Arran) olaraq qeyd edilən ölkə. Aran indiki Azərbaycan Respublikasının ərazisini bütöv şəkildə, həmçinin indiki Ermənistanın və indiki Gürcüstanın (Tiflisə qədər) yarısını əhatə edirdi. Tarix boyunca Aranın ərazisi bəzən genişlənmiş, bəzən isə kiçilmişdir. Aran Atabəyləri dövründə (1119 – 1154-cü illər) Aran böyük bir siyasi qurumun mərkəzi idi. Həmin dövrdə onun paytaxtı Gəncə idi. Eyni zamanda Səlcuqlu şahzadələrinin taxt mərkəzi sayılırdı. Yəni buradakı atabəylərin himayəsinə verilən şahzadələr hakimiyyətin ötürülməsində üstünlük qazanırdılar.] (Arran) ovaxtkı paytaxı Bərdəyə hərəkət edirdilər. Burada isə qul karvanlarının yolu iki istiqamətə ayrılırdı: onlardan biri Beyləqandan Azərbaycana və daha cənuba, digəri isə Dəbil (Divin) üzərindən Cəzirəyə (Cənub-Şərqi Anadolu ilə Şimali İraq) doğru xilafətin böyük şəhərlərinə yollanırdılar.
Sözün həqiqi mənasında dövrün beynəlxalq ticarət mərkəzi olan Dərbənddə müsəlman tacirlərlə yanaşı, rum (Bizans), erməni, rus-varyaq və yəhudi tacirlərinin də dükkanları, anbarları vardı. Xüsusilə rus tacirlərinin kobudluqları barədə müsəlman müəlliflərin əsərlərində geniş bəhs edilir. Rus-varyaqlar ağdərili və sarışın slavyan qullarını gəmilərlə İdil-Xəzər su yolu ilə Dərbəndə gətirirdilər. Slavyan qadınları və gənc oğlanları uzun əsrlər rus-varyaqların başlıca ticarət mənbəyi olmuşdur.
Tarixşünaslıqda «slavyan» kimi təqdim edilən ruslar əslində, varyaq tayfasıdır. Onlar IX əsrin ortalarında slayvan topraqlarına yerləşmədən əvvəl İsveçdə yaşayan və gəmiçiliklə məşğul olan bir qövm idi. Varyaq «talançı» deməkdir.
Müsəlman saraylarına, şəhərlərinə, xüsusilə ərəb zadəganlarının sosial həyatına daxil olan yüz minlərlə slavyan qul və cariyə[9 - Cariyə – keçmiş zamanlarda özgə ölkələrdən zorla qaçırılaraq azadlıqdan məhrum edilən, pulla alınıb-satıla bilən, hər cəhətdən sahibinin arzularına tabe olan qız və ya qadın (red.)] əsrlər boyu rusların özü tərəfindən xəzərlər, macarlar, uzlar, peçeneqlər, qıpçaqlar, franklar və bizanslar vasitəsilə müsəlman tacirlərinə satılmışdılar. Belə məlum olur ki, uzun əsrlər qul bazarlarını dolduran slavyanlar orta əsrlərin «ağ zənciləri» idilər.
Bu böyük «canlı sərmayə», yuxarıda da qeyd elədiyimiz kimi, tacirlər tərəfindən əsasən Dərbəndə yönəldilir, ardınca isə Azərbaycandan keçən tranzit yollar vasitəsilə müsəlman şəhərlərinə – Bağdad, Şam, Kufə, Bəsrə, Xama, Qahirə, Fustat, Məkkə və Mədinəyə göndərilirdi. İngilis əsilli amerikalı tarixçi Bernard Levisin də dediyi kimi, şimal ölkələri ilə müsəlman ölkələrinin əsası VII əsrdə qoyulan ticarət münasibətində Rus torpaqlarının məhsulu olan kürk və balla yanaşı, qullar da xüsusi yer tutur, onlar müsəlman bazarlarına çıxarılırdı. XIII əsr tarixçisi və coğrafiyaşünası Zəkəriyya Qəzviniyə görə isə bu qullara maraq o qədər böyük idi ki, Dərbənd qul ticarəti tənəzzül etdiyi zaman şərqdən, qərbdən, cənubdan və şimaldan gələn tacirlər üzlərini Bizans bazarlarına tutdular.
Müsəlman ölkələrinə axışan qul karvanları, sadəcə, Dərbənddən keçmirdi. Xəzərin şərqindən keçən ticarət yolu üstündəki başlıca dayanacaq Xarəzm idi. İdil-Ural üzərindən gələn qullar Xarəzmə gətirilir, buradan Cürcan və Xorasana nəql edilirdi. XI–XII yüzilliklərdə həmin ərazilər səlcuqların əlində idi. XI əsrdə səlcuqlularla qıpçaq, qay və qun türkləri arasında şiddətli döyüşlər baş vermişdi. Bu döyüşlər qul bazarlarında canlanma yaratmışdı. Xüsusilə də Şərqi Çin və Monqolustanda Qarakitay[10 - Qarakitaylar – 1125-ci ildə Orta Asiyada qurulan və 1211-ci ilədək mövcud olan monqol dövləti. Paytaxtı indiki Qırğızıstan ərazisində yerləşmiş Balasaqun şəhəri idi.] dövlətinin ortaya çıxması ilə həmin bölgələrdə məskunlaşan qun, sarı və qaylar yurdlarını tərk edib Mərkəzi Asiya ərazilərinə köç etməyə başladılar. Onların bir qismi Səlcuqlu torpaqlarına üz tutdular və indiki Əfqanıstan ərazisində yerləşən Bəlxdə məskunlaşdılar.
Həmin tarixdə Monqolustandakı yurdlarını tərk eləmək məcburiyyətində qalan və Sırdərya çayı ətrafına gələn tayfalardan biri də Şəmsəddin Eldənizin mənsub olduğu Uran tayfası idi. XII əsrdə uranlar Səlcuqlu dövləti ilə sərhəddə məskən salmışdılar. Onların Monqolustan ərazisində qalan hissəsi isə Çingiz xanın yaratdığı monqol ittifaqına daxil oldular. Yeri gəlmişkən, Çingizin aparıcı sərkərdələrindən biri Subutay da həmin tayfadan idi.
Səlcuqlu dövlətinin tənəzzülü ilə birlikdə Orta Asiyada güclənən Xarəzmşahlar uran tayfalarını da özlərinə tabe etdirdilər. Maraq üçün deyək ki, Xarəzmşah Əlaəddin Məhəmmədin (1169 – 1221) anası Tərkən xatun məhz uranlardan idi.
Qullar barədə başqa maraqlı faktlar
Qullar barədə danışarkən başqa maraqlı faktlara da göz atmaq pis olmazdı. Bu faktlar həm haqqında danışacağımız dövrlə bağlı təsəvvürlərimizi genişləndirər, həm də Eldənizin qulamlıqdan hökmranlığa yüksəlişini dərindən anlamağa kömək edərdi.
Orta əsrlərdə müsəlman ölkələrində qullar daha çox keyfiyyətlərinə görə qiymətləndirilirdi. Bu mənada əsasən iki cür qul vardı:
1. Keyfiyyətli qullar;
2. Keyfiyyətsiz qullar.
Əgər satın alınan qul və cariyə hər hansı xüsusi qabiliyyətə sahib idisə, sənəti vardısa, yaxud ərəb dilində sərbəst danışır, bu dildə mahnı oxuya bilirdisə qiyməti 100 dinardan aşağı deyildi. Əksinə, satın alınan qul və cariyənin hər hansı bacarığı yox idisə, onun qiyməti 2 dinardan başlayırdı.
Qul alverinin də özünəməxsus xüsusiyyətləri vardı. Qul ticarətində ən mühüm şərtlərdən biri satılan cariyənin təmizliyi idi. Məhz bu səbəbdən slavyan cariyələrin qiyməti 2 dinardan yuxarıya qalxmırdı. Bunun səbəbini X əsrin əvvəllərində Volqa bolqarlarının ölkəsinə qədər səyahət edən müsəlman alim İbn Fazlan belə açıqlayır: «Ruslar Allahın ən murdar məxluqlarıdır. Böyük və kiçik abdəstdən sonra təmizlənmirlər. Cənabət[11 - Cənabət – qüsl (su ilə yuyunmaq) tələb olunan hal] olduqları halda yuyunmazlar. Yemək yedikdən sonra əllərinə su vurmazlar…»
Bir sözlə, cariyələrin natəmizliyi, dil bilməməsi, yaxşı rəqs etməməsi onların qiymətinə təsir edirdi. Lakin müsəlman tacirlər cariyələri ucuz alıb baha satmağın yolunu tapmışdılar. Belə ki, ərəb tacirlər 2 dinara satın aldığı cariyələrə bir il boyunca yaxşı təlim və təhsil verdikdən sonra onları 100–500 dinar arasında satırdılar. Cariyələrə əsasən dil, mahnı oxumaq və rəqs etmək tədris edilirdi. Bunu bacarmayanlara isə əl işləri öyrədilirdi.
Qul alverçiləri əsasən azyaşlı qullara üstünlük verirdilər. Bunun da səbəbi var idi: belə ki, həmin qulları yetişdirmək, qul alverçilərinin ifadəsi ilə desək, «əhliləşdirmək» asan idi.
Qulların etnik mənşəyi onlardan istifadə edilən zaman mühüm rol oynayırdı. Məsələn, türk əsilli qullar birmənalı şəkildə ordu sıralarına qəbul olunurdu. Slavyan cariyələr saraylara, malikanələrə xidmətçi kimi götürülür, onlar daha çox eyş-işrət, əyləncə məclislərinə cəlb edilirdi. Slavyan oğlanları isə xədim etdirilir və xacə adlandırılır, bundan sonra onlar sahiblərinin xidmətçilərinə çevrilirdi. Ərəblər nadir hallarda slavyan əsilli qul oğlanları orduya götürürdülər.
Afrikadan gətirilən qulların əməyindən mətbəx, ümumiyyətlə, məişət işlərində, əkinçilikdə, rum əsilli qullardan isə tikintidə istifadə olunurdu.
Xədim olunan qullar öz sahiblərinin ən sadiq adamları idilər. Belələri arasında hətta vəzirliyədək yüksələn qullar var idi. Onlar hökmdarların ən yaxın sirdaşları sayılırdı. Şərq ədəbiyyatında öz sahibləri üçün canını belə qurban verən onlarla xədim qulun hekayəsinə rast gələ bilərsiniz.
Əməvilərin ilk dövrlərində ən bacarıqlı qulun qiyməti 1400 dirhəm (gümüş pul) idi. Müsəlman ərəblərin sürətlə varlanmasından sonra qul əməyindən geniş istifadə olunmağa başlanması qiymətlərin də kəskin artmasına səbəb oldu. Bu proses Osmanın xəlifəliyi dövründə (644 – 656-cı illər) başladı və Əməvi xəlifəsi Əbdülmalikin (646 – 705) zamanında pik nöqtəyə çatdı. Belə ki, Əbdülmalikin 1 milyon dirhəmə, yəni 70 min qızıl pula cariyə satın aldığı məlumdur. Həmin cariyənin adı əz-Zelfa idi. Qadının bu qiymətə satılmasına isə onun ecəzkar səsi səbəb olmuşdu…
Kəmalülmülk
Əvvəl də qeyd etdiyimiz kimi, Eldənizi qul kimi satın alıb onu saraya aparan İraq Səlcuqlu sultanının vəziri Kəmalülmülk idi. Əsl adı Əli ibn Əhməd əs-Sümeyrəmi olan bu vəzir ağıllı və istedadlı biri idi. Elə ona görə də «Kəmalülmülk» ləqəbi ilə çağırılırdı. Əslən isfahanlı olan vəzirin atası Böyük Səlcuqlu hökmdarı Sultan Məlikşahın (1055 – 1092) arvadı Tərkən xatunun İsfahandakı torpaqlarına nəzarət edirdi.
Atasının imkanlı olması səbəbindən yaxşı təhsil alan Sümeyrəmi tezliklə Səlcuqlu sarayında məmurluğa başladı. Ağıllı, bacarıqlı və bir qədər də hiyləgər olduğundan qısa müddətdə divan vəzirlərindən birinə çevrildi. İraq Səlcuqlu sultanlığının ilk vəziri olan Rəbib öldükdən sonra isə Sultan Mahmud onu baş vəzir təyin etdi.
Sümeyrəmi üç il vəzirlik məqamında qaldı. İsmaililərə[12 - İsmaililər – on iki imamdan altıncısı olan İmam Cəfəri-Sadiqin böyük oğlu İsmayılın əsasını qoyduğu şiə təriqəti. Bu təriqət VIII əsrdə şiələr arasında baş vermiş parçalanma nəticəsində yaranıb. İsmaililər süüni məzhəbinə qarşı kəskin mövqeyi ilə seçilirdi (red.).] qarşı barışmaz mövqeyi ilə seçildiyindən o, 1122-ci ildə Həsən Səbbahın[13 - Həsən Sabbah (1055 – 1124) – hazırkı İran ərazisində, Qəzvində yerləşən Ələmut qalasında özünün yaratdığı Nizari İsmaililər dövlətinin ilk hökmdarı. Hakimiyyət dövrü 1090 – 1124-cü illərdir (red.).] fədailəri tərəfindən öldürüldü. Belə ki, Bağdadda olan Sultan Mahmudun yanına gedərkən yolda bıçaqlandı. Sui-qəsddən yüngül yara ilə xilas edilərək həkimin çadırına aparıldı, lakin bu zaman çadırın tavanından içəri atılan başqa bir fədai Kəmalülmülkü qətlə yetirdi. Onun həyatda ən böyük uğuru isə Şəmsəddin Eldənizi yetişdirmək oldu…
«Eldəniz» adının mənşəyi
Atabəy Şəmsəddin Eldənizin adındakı «atabəy» onun vəzifəsini, «Şəmsəddin» müsəlman adını və ya islami titulunu, «Eldəniz» isə onun həqiqi adını ifadə edir. Mənbələrdə bu ad «Eldəniz», «İldəniz», «Eldəgəz», «Yeldəniz» kimi qeyd edilsə də, doğrusu «Eldəniz»dir. Bəzi kitablarda Eldənizin «Eldəgəz» olaraq göstərilməsinin səbəbi atabəyə aid sikkələrdə yer alan adın «Eldigüz» yaxud «Eldəgiz» şəklində oxunmasıdır. Bu adın qədim variantı isə «İl-tengiz» olub, türkcə «dövlət» və «dəniz, okean» sözlərinin birləşməsindən yaranıb.
«El/il» adlarına hunlarla bağlı qaynaqlarda rast gəlinir. Göytürk və Uyğur xanlıqları dövrünə aid mənbə və sənədlərdə «el/il»lə başlayan Eltəbər, Elgün, Elxaqan, İltəriş, İlak, İlçi (Elçi), İlkirmiş, İl Tatqu kimi çox sayda ad mövcuddur. «Dəniz» mənasına gələn Təngiz adı da türklər arasında çox yayılmış bir ad idi. Atillanın oğlanlarından biri Tənqizlik və ya Dəngizlik adını daşıyırdı.
Oğuzlar arasında da oxşar adlar geniş yayılmışdı. Xüsusilə Səlcuqlular dövründə «El/il» ilə başlayan onlarla ada rast gəlmək mümkündür. Buna nümunə olaraq Elarslan, İl Təkiş, Elbastı, Elsevər, İl Savur, Eldirək, Elçi, İl Tutuk kimi hökmdar və əmirləri xatırlatmaq kifayətdir. Eldəniz adı da bunlardan biridir. Yeri gəlmişkən, Səlcuqlular tarixində Eldəniz adlı başqa əmirlərdə olub. Onlardan biri də Bağdadda şəhnəsi[14 - Şəhnə – səlcuqlar dövründə bəzi şəhər və bölgələrdə inzibati-hüquqi idarəetmə sistemi] Eldəniz idi.
Onu da deyək ki, yuxarıda sadaladıqlarımızdan başqa, Eldəniz üçün tarixi mənbələrdə iki fərqli ad işlədilib. Tarixçi Cüzcani onu «Səncəri» və ya «əs-Səncəri», İbn əl-Əsir isə «Məsudi» kimi təqdim edir. Qeyd edilən adlar Eldənizin qulam kimi hansı hökmdara tabe olduğunu ifadə eləyən adlardır. Belə ki, qulam statusuna sahib olanlar hökmdarlarının adını öz adlarının sonlarına əlavə edirdilər…
Eldəniz nə vaxt doğulub?
Kəmalülmülk tərəfindən satın alınarkən Eldənizin satılan qulların yaşca ən kiçiyi olduğu qeyd edilir. Hətta Mirxond[15 - Mirxond Məhəmməd ibn Xavəndşah (1433 – 1498) – tarixçi. Bəlxdə doğulmuş, Herat şəhərində vəfat etmişdir (red.).] onu «çəlimsiz bir uşaq» kimi təsvir edir. Bu məlumata istinadən bəzi tarixçilər Eldənizin 1110-cu ildə anadan olduğu qənaətinə gəliblər.
Qəhrəmanımızın doğum tarixini müəyyənləşdirə bilmək üçün isə, əslində, onun vəzirə nə zaman satıldığını dəqiqləşdirmək lazımdır. Bir çox tarixçilər bunun 1121-ci il baş verdiyini yazır. Belədə güman etmək olar ki, Kəmalülmülk Eldənizi satın alarkən onun 11 yaşı var imiş. Qəznəvi hökmdarı olan Səbüktəgin də 11 yaşında qul olaraq satıldığını və 7 illik fəaliyyətdən sonra 18 yaşında 200 nəfərlik dəstəyə rəhbərlik etdiyini nəzərə alsaq, bu məlumat inandırıcıdır.
Beləliklə, Eldənizin təxmini olaraq 1110-cu ildə doğulduğunu, 1119, yaxud 1120-ci ildə qul kimi əsir alındığını söyləyə bilərik. Bundan bir, ya da iki il sonra isə vəzir Sümeyrəminin xidmətinə daxil olduğunu ehtimal etmək mümkündür.
Atabəy Eldənizin 1175-ci ildə vəfat etdiyini nəzərə aldıqda isə onun cəmi 65 il yaşadığı aydınlaşır.
Onu da deyək ki, qəhrəmanımızın yalnız təvəllüdü yox, hansı türk tayfasına mənsub olduğu da mübahisə mövzusudur. Düzdür, yuxarıda Eldənizin Uran tayfasına mənsubluğunu yazmışıq. Bununla belə, fərqli fikirlər də mövcuddur. Mənbələr yalnız bir məqamda həmfikirdir: Eldəniz birmənalı olaraq qıpçaq əsillidir!
Lakin kifayət qədər mötəbər qaynaqlardan çıxış edərək Eldənizin məhz Uran tayfasına mənsub olduğunu əminliklə söyləyə bilərik. Mənbələrdə «Oran» olaraq da adı keçən bu tayfa türklərin qıpçaq və qanqlı tayfa ittifaqı arasında yer alırdı. XIII əsrə aid bir qıpçaq lüğətində bu adın mənası «ilan» olaraq qeyd edilir. Monqolca isə həmin ad «sənətkar, usta, sənət sahibi» mənasında işlədilirdi.
Eldənizin təhsili və saray həyatı
1119-cu ildə baş verən döyüşdə qardaşı oğlu Mahmudu məğlub edən Xorasan Səlcuqlu sultanı Səncər Səlcuqlu dövlətinin «böyük sultan»ı (sultanül-əzəm) elan edildi. Mahmud isə İraq bölgəsinin hökmdarı oldu. Bununla da İraq Səlcuqlu sultanlığı yarandı. Ehtimal ki, Səncər vahid sultan olduğu üçün Eldənizin adı dəftərlərində «əs-Səncəri» kimi göstərilib. Yuxarıda da qeyd elədiyimiz kimi, qullar adlarının sonuna tabe olduqları hökmdarların adlarını qəbul edirdilər. Sonrakı mənbələrdə Eldənizin adının «Eldəniz əl-Məsudi» kimi göstərilməsinin səbəbi isə onun Anadolu Səlcuqlu dövlətinin sultanı Məsuda məxsus qulamların arasına daxil olmasıdır.
Eldəniz qulamlıq həyatına İraq Səlcuqlu sultanlığının sarayında başlasa da, o, vəzirin xüsusi qullarından sayılırdı. Kəmalülmülkün öldürülməsindən sonra naib təyin olunan əl-Kafiyil-İsfahani onun bütün əmlakını müsadirə etdi. Vəzirin qulamları da müsadirə olunan mallara daxil idi. Təbii ki, həmin qullardan biri də Eldəniz idi. Bununla da o, Sultan Mahmudun qulamına çevrildi. Mahmud gənc Eldənizin bacarıqlı, qabiliyyətli olduğunu dərhal anladı. Odur ki onun tərbiyə və təhsili ilə məşğul olmağı əmirlərindən Nəsrə tapşırdı. Əmir Nəsrin köməyi ilə həm hərbi, həm də elmi biliklərə yiyələnən Eldəniz tezliklə at çapmaqda, ox atmaqda mahir bir döyüşçüyə çevrildi. Artıq o sısqa, çəlimsiz quldan əsər-əlamət qalmamışdı..
Əmir Nəsr eyni zamanda vəzir Kəmalülmülkün qardaşı idi. Ciddi təbiəti və mətanəti ilə seçilən bu adam mənbələrdə acıdilli və mərhəmətsiz biri kimi təsvir olunur. Hətta xalq arasında belə bir zərbi-məsələ dolaşırdı: «Niməlmövla və Bisənnasir», yəni «Mövla (vəzir) yaxşıdır, Nəsr pisdir». Buradan belə məlum olur ki, Eldəniz təbiətcə kifayət qədər sərt, nizam-intizamlı bir əmirin yanında yetişib. Sonralar onun xarakterində bunun təsirləri açıq-aydın hiss ediləcəkdi.
Təhsilini tamamladıqdan sonra Eldəniz sultanın əmri ilə hökmdar mətbəxində xidmətə başladı.[16 - Akademik Ziya Bünyadov Şəmsəddin Eldənizin (əlahivan salar), yəni sultan mətbəxinin başçısı təyin olunduğunu yazır, lakin bu doğru deyil.] Bu vəzifənin məsuliyyəti böyük idi: başda sultanın özü olmaqla, saraydakıların həyatı həmin şəxsə əmanət edilmişdi. Bu vəzifəni daşıyanlara əmiri-çaşnigir[17 - Əmiri-çaşnigir – farsça «çaşni» (ləzzət) və «gir» (tutan) sözlərindən əmələ gələn bu ad sultan süfrələrinin hazırlığını aparan əmirlərə verilirdi.] (yeməklərə nəzarət edən), xəvayic salar və ya xansalar[18 - Xansalar – farsca «xan» (süfrə) və «salar» (əmir) sözlərindən yaranan bu ad hökmdar sarayında süfrəbaşçısına verilirdi. Həmin vəzifəni daşıyanlar saray süfrələrinin qurulmasına, yeməklərin hazırlanmasına, qidaların təhlükəsizliyinə və saray mətbəxi üçün lazımi ərzaqların alınmasından məsul idi.] adı verilirdi.
Beləliklə, saray mətbəxində xidmətə başlayan Eldəniz nə qədər bacarıqlı olduğunu burada da təsdiqlədi. Məsələn, sarayda ət bol olduğu üçün kəsilən qoyunların baş və ayaq hissələrini istifadə etməyib tullayırdılar. Bir gün sultanın əmri ilə başqa bir yerə gedən xansaların yoxluğunda mətbəxə Eldəniz nəzarət edirdi. Eldəniz kəsilən qoyunların baş və ayaq hissələrinin atılmasına icazə verməyib onlardan xüsusi yeməklər (xaş) hazırlatdı. Hazırlanan həmin yeməklər saraydakıların o qədər xoşuna gəldi ki, hamı xansaları tərifləməyə başladı. Xansalar saraya qayıtdıqdan sonra məsələdən xəbərdar oldu və hər şeyi sultana ərz etdi. Sultan Eldənizin qənaətcilliyini çox bəyəndi və onun vəzifəsinin yüksəldilməsinə göstəriş verdi.
1131-ci il sentyabrın 10-da Sultan Mahmud dünyasını dəyişdi. İraq Səlcuqluları taxtına əvvəlcə Mahmudun oğlu Davud çıxarıldı, lakin daha sonra onun yerinə Sultan Səncərin dəstəyi ilə qardaşı Toğrul keçdi. Cəmi üç il hakimiyyətdə olan Sultan II Toğrulun zamanında (1132 – 1135) Eldəniz sultanın şəxsi məmlükləri[19 - Məmlük – qul kimi alınıb bir hökmdarın, əmir və digər şəxslərin xidmətində olan şəxslərə verilən ümumi ad] cərgəsinə daxil edildi. Çox keçmədi ki, o, sultanın xatunu, eyni zamanda ən böyük məsləhətçisi olan Möminə xatunun diqqətini çəkdi. Sakit, səbirli, çalışqan, ən əsası isə digər əmirlər kimi hər işə qarışıb özünü gözə soxmağa çalışmayan Eldənizin yüksəlişində bu qadın böyük rol oynadı…
Eldənizin evlənməsi
Sultan II Toğrulun vəfatından sonra İraq Səlcuqluları sultanlığının taxtına qardaşı Məsud çıxdı. Beləliklə, Eldəniz bu dəfə də Sultan Məsudun məmlüklərindən birinə çevrildi. Məsud ona xüsusi diqqət yetirirdi. Sultan II Toğrulun dövründə zəkası, bacarığı ilə seçilən Eldəniz, ehtimal ki, Möminə xatundan da izzət və ehtiram görməyə davam edirdi.
Əri ölərkən Möminə xatun çox gənc idi. Belə ki, II Toğrul dünyasını dəyişərkən 25 yaşında idi. Möminə xatunun ərindən kiçik olduğunu nəzərə alsaq, onun təxminən 22-23 yaşında dul qaldığını söyləmək mümkündür. Buna baxmayaraq Möminə xatunun Sultan II Toğruldan dörd övladı var idi. Dördü də oğlan olan uşaqların adları belə idi: Alparslan, Məlikşah, Məhəmməd və Arslanşah. Onlardan ən kiçiyi – Arslanşah atası dünyasını dəyişərkən 1 yaşında idi.
Eldəniz ilə Möminə xatunun evlilik tarixi mübahisəlidir. Akademik Ziya Bünyadova görə, bu hadisə Sultan II Toğrulun vəfatı və Sultan Məsudun taxta çıxmasından sonra, yəni 1135 və ya 1136-cı ildə baş verib. Lakin müəllifin istinad etdiyi mənbədə həmin məlumat öz təsdiqini tapmır. Səlcuqlu dövrünün əsas qaynaqları sayılan Ənuşirəvan ibn Xalid, İmadəddin İsfahani, Bundari, Hüseyni və Ravəndinin əsərlərində Eldənizdən «atabəy» kimi bəhs edilsə də, onun bu titulu hansı tarixdə və necə aldığı göstərilməyib. Z.Bünyadovun iddiasını doğrulayan yeganə mənbə İbn əl-Əsirin əsəridir. Ancaq İbn əl-Əsirin Eldəniz haqqında verdiyi məlumatlar kifayət qədər dolaşıqdır. Müəllif, Sultan Məsudun taxta çıxdıqdan sonra Eldənizi Aran və Azərbaycanın bir hissəsinin hakimi elan etdiyini yazsa da, dəqiq tarix qeyd eləməyib. Üstəlik, İbn əl-Əsir öz əsərinin bir yerində Eldənizin Sultan Məsud, başqa bir yerində isə vəzir Sümeyrəmi tərəfindən satın alındığını yazaraq təzadlı məlumatlar verib. Ümumiyyətlə, Eldənizin Azərbaycan hakimi olduqdan sonra, yoxsa daha əvvəl Möminə xatunla evləndiyi dəqiq bilinmir.
Şair Mücirəddin Beyləqani[20 - Mücirəddin Beyləqani (1130 – 1194) – Beyləqanda doğulmuş, Təbrizdə vəfat etmişdir. Bəzi qaynaqlarda anasının həbəş mənşəli olduğu vurğulanır. Məhəmməd Cahan Pəhləvana, onun qardaşı Qızıl Arslana və başqalarına yazdığı mədhiyyələrlə məşhurdur. (red.)] (1130 – 1194) Şəmsəddin Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvana həsr etdiyi qəsidəsində 1176-cı ildə onun 33 yaşında olduğunu yazır:
Nə qəribədir, daha otuz üç yaşın olduğu halda
Fələk bütün qəlbilə sənin yolunda addımlayır.
Murad içində yaşa,
çünki hökmdarlıq
sənin ürəyin sayəsində ayaqdadır,
Ömrün uzun olsun,
çünki qılıncın dünyanın qalxanıdır.
(Şeir parçası sətri tərcümə edilmişdir – red.)
Bu tarixi əsas götürsək, Cahan Pəhləvanın 1142 və ya 1143-cü ildə anadan olduğu ortaya çıxır. O, Eldənizin böyük övladı olduğu üçün Eldəniz ilə Möminə xatunun həmin tarixdən bir qədər əvvəl, yəni ən azı 1141, yaxud 1142-ci ildə evlənməsi lazımdır. Onların evləndirilməsi Sultan Məsudun qərarı olub. Bu qərar isə Aran atabəyi Qara Sunqurun ölümünün ardından verilib. Belədə Eldənizlə Möminə xatunun 1141-ci ildə ailə qurduğunu söyləmək daha ağlabatandır.
Bəzi müəlliflər mənbələrdə heç bir məlumat olmadığı halda Eldəniz haqqında əsassız hekayələr uydurublar. Bu hekayələrə görə, guya «Sultan Məsudun arvadı Eldəniz haqqında yüksək fikirlərə sahib idi və sultana ondan tərif dolu sözlərlə bəhs edirdi. Bunun nəticəsində Sultan Məsudda Eldəniz haqqında müsbət fikirlər yarandı». Bir daha qeyd edək ki, belə məlumatların heç bir əsası yoxdur və çox vaxt hətta istinad edilən mənbələrin özündə bu barədə hər hansı bilgiyə rast gəlinmir.
Möminə xatun ilə Eldənizin evliliyindən onların üç övladı dünyaya gəlib. Böyük övladları Məhəmməd Cahan Pəhləvan, bir qədər əvvəl də qeyd etdiyimiz kimi, 1142 və ya 1143-cü ildə anadan olub. İkinci oğulları Osman Qızıl Arslanın anadan olduğu tarix dəqiq bilinməsə də, qardaşından bir neçə yaş kiçik idi. Cütlüyün adı bizə məlum olmayan bir qızı da doğulub. Bəzi qaynaqlar Eldənizin qızının Marağa hakimi (atabəyi) ilə evləndiyini qeyd edir.
II FƏSİL
ELDƏNİZİN AZƏRBAYCAN HAKİMİYYƏTİ
Eldənizin həyatında mühüm mərhələ
11 yaşında səlcuqlu qulam təşkilatına daxil olan Eldənizin həyatının 20 ili (1121–1141-ci illər arası) sarayda keçib. Həmin illər onun siyasi təcrübə qazanmasında və bir dövlət adamı kimi yetişməsində son dərəcə əhəmiyyətli rol oynayıb. Belə ki, Eldəniz Səlcuqlu dövlətinin keşməkeşli dövründə paytaxtda yaşayıb, saray daxilində meydana gələn hadisələri yaxından müşahidə eləmək imkanı qazanıb. Onun saray həyatına daxil olduğu dövrün bir başqa əlamətdar cəhəti ondan ibarətdir ki, Böyük Səlcuqlu dövləti faktiki olaraq şərq və qərb olaraq iki yerə parçalanmışdı. «Sultan əl-əzəm» titulu ilə Səncər böyük sultan elan edilsə də, o ancaq dövlətin şərq hissəsinə (Xorasan) nəzarət edir və Mərvdə otururdu. Sultanlığın qərb hissəsində isə 1119-cu ildə İraq Səlcuqluları adı verilən yeni bir dövlət yaranmışdı. Bu dövlətin ilk hökmdarı Sultan Mahmud idi. Eldəniz də məhz onun zamanında (1119–1131) saraya daxil olmuş, siyasi intriqaların və hakimiyyət qovğalarının qızışdığı dövrə şahidlik eləmişdi.
İraq Səlcuqluları dövləti
Sultan Məlikşahın 1092-ci ildə vəfat etməsindən sonra Böyük Səlcuqlu taxtı uğrundan başlayan mübarizə dövlətin sürətlə tənəzzül etməsinə yol açdı. Məlikşah ölərkən 38 yaşı var idi. O özündən sonra taxta böyük oğlu Bəryaruqun keçməsini arzu edirdi. Məlikşah vəfat edəndə 14 yaşı olan Bəryaruq atasının Zübeydə xatunla izdivacından dünyaya gəlmişdi.
Məlikşahın Qaraxanlı[21 - Qaraxanlılar – 840 –1212-ci illərdə Mərkəzi Asiyada mövcud olmuş türk dövləti] hökmdarları nəslindən olan digər arvadı Tərkən xatun isə taxta öz oğlu Mahmudu çıxarmaq istəyirdi. Bu məqsədlə hətta ərinin ölüm xəbərini hamıdan gizlətmiş, üstəlik, cənazə namazı qılınmadan dəfn etdirmişdi. Tərkən xatunun öz oğlunu taxta keçirmək planı dövləti tənəzzülə aparan hadisələrin başlamasına şərait yaratdı. Həmin vaxt Mahmudun cəmi altı yaşı var idi. Buradan da aydın olur ki, Tərkən xatun oğlunu taxta çıxarmaqla, əslində, hakimiyyəti öz əlində saxlamaq niyyətində idi. O, xəzinənin pullarını əmirlərə və orduya xərcləyərək məqsədinə çatacağına inanırdı. Ancaq bu belə olmadı. Tezliklə həm Mahmudun, həm də anasının ölümü Səlcuqlu taxtı uğrunda yeni qovğaya yol açdı. İndi də Məlikşahın oğulları, qardaşı və əmisi arasında taxt-tac mübarizəsi başladı və qanlı müharibələrə gətirib çıxardı. Bu azmış kimi, həmin vaxt Səlcuqlular üçün iki yeni düşmən peyda oldu. Onlardan biri ismaililər, digəri isə səlibçilər idi.
İsmaililər Həsən Səbbahın başçılığı altında Əlamud qalasını ələ keçirib 1090-cı ildə öz dövlətlərini yaratdılar. Ardınca isə yüzlərlə kiçik qalaları nəzarət altına alan ismaililərin nə qədər təhlükəli olduqları 1092-ci ildə təsdiqini tapdı: onlar Səlcuqluların ən böyük dövlət adamı vəzir Nizamülmülkü (1018 – 1192) qətlə yetirdilər.
Digər tərəfdən XI əsrin axırlarında Roma Papası II Urbanın çağrışı ilə Avropanın xristian dövlətləri Qüdsü və xristian torpaqlarını azad etmək adı altında İslam ölkələrinə intensiv hücumlara başladılar. Bu müsəlmanlarla xristianlar arasında əsrlərlə davam edən səlib müharibələrinə səbəb oldu.
1105-ci ildə Məhəmməd Taparın sultan olması ilə Səlcuqlu dövləti əvvəlki qüdrətini bərpa etdi. Lakin Tapar 1118-ci ildə qəfil dünyasını dəyişdi və bununla da imperiya ərazisində tamamilə fərqli siyasi situasiya meydana gəldi. Belə ki, Sultan Məhəmməd azyaşlı uşaqlarının tərbiyəsi üçün onlara atabəylər və ərazilər təyin etmişdi. Taparın ölümü ilə həmin atabəylər sultanın övladları adından taxtı ələ keçirməyə cəhd göstərdilər. Bu da Səlcuqlu coğrafiyasında atabəylər arasında taxt müharibələrinin başlamasına yol açdı. Həmin atabəylərdən biri də Şəmsəddin Eldəniz idi. O, atabəyi olduğu Arslanşah adına Səlcuqlu taxtını ələ keçirib düz on beş il imperiyaya nəzarət etdi.
Sultan Məhəmməd Tapar 1118-ci il aprelin əvvəllərində oğuz ənənəsinə uyğun olaraq böyük bir şənlik təşkil edib süfrəsini yağmalatdı[22 - Xani-yağma adlanan bu qədim türk ənənəsi barədə «Kitabi-Dədə Qorqud»da da bəhs olunur. Ənənəyə əsasən türk hökmdarlarının vəzifələri arasında xalqını ac saxlamamaq və doyurmaq da yer alırdı. Odur ki türk hökmdarları hər gün sarayları qarşısında qurulan çadırlarda xalqa təmənnasız yemək paylayırdılar. Bundan başqa, ildə bir neçə dəfə hökmdarlar böyük şənliklər təşkil edir, bütün obalar dəvət olunur və ziyafət verilirdi.]. Bu şənlik əsnasında sultan zəhərləndi. Aprelin 9-da həmin vaxt 14 yaşında olan böyük oğlu Mahmudu yanına çağıran Tapar onunla uzun-uzun söhbətləşdi. Söhbət əsnasında ata-oğul göz yaşları axıdaraq hönkür-hönkür ağladılar. Məhəmməd Tapar oğluna ömrünün başa çatığını, taxta onun çıxmasını və dövləti idarə eləməsini vəsiyyət etdi. Mahmud üzünü atasına tutub dedi:
– Nə bəxtsiz bir gündür, ata.
– Bəli! Mənim üçün bəxtsiz bir gündür, ancaq sənin üçün qutlu bir gündür. Səltənət sənə qutlu olsun! – deyə sultan cavab verdi.
Bundan sonra Tapar əmirləri yanına çağırıb onlara böyük oğluna tabe olmalarını əmr elədi. Aprelin 18-də isə can verdi. Səlcuqlu dövrü tarixçisi Bundari onun hakimiyyət illərini belə təsvir edir: «Surəti gözəlləşdiyi, dövləti kamala çatdığı, səmasından qara buludların çəkilib havası təmizləndiyi, suyu durulduğu və nemətləri kasıbları varlandırmağa, əskikləri doldurmağa, qulu azad etməyə, İslama arxa durmağa, zülməti uzaqlaşdırıb, mülhidlərin (ismaililərin) qalalarını dibindən qoparıb möminlərin bayraqlarını ucaltmağa başladığı zaman qəza onun (Məhəmməd Taparın) əlindən tutdu. Müddətini və əməlini qısaltdı. Dənizin (dövlətin) suyunu qurutdu, ayparanı (Məhəmməd Taparı) ortadan qaldırdı».
Sultan cümə axşamı dünyasını dəyişdi, səhəri gün isə bütün məscidlərdə cümə xütbələrində Sultan Mahmudun adı oxundu. Sultan Məhəmməd Tapar öldüyündə 38 yaşı var idi. Eyni gün arvadı Gövhər xatunun otağında boğularaq öldürüldüyü deyilir. Mənbələr sultanı öz arvadının zəhərlədiyini iddia edirlər. Başqa bir iddiaya görə, Tapar öləcəyini anladıqda arvadı Gövhərin qardaşı Səncərlə evlənib oğullarını hakimiyyətdən məhrum etməsindən qorxaraq özü boğdurmuşdu.
Tapar ölərkən sultanlıq xəzinəsində 10 milyon dinar[23 - Dinar – Yaxın Şərqin bəzi ölkələrində qızıl pul] nəğd pul buraxmışdı. Bundan başqa, xəzinədə bir o qədər də qızıl, gümüş və qiymətli əşyalar toplanmışdı. Heç bir Səlcuqlu sultanı dövlət malının qorunmasına onun qədər önəm verməmişdi.
Təcrübəsiz, əyləncəyə düşkün olan Mahmud vaxtının çoxunu ov quşları ilə keçirdiyindən dövlət idarəsini məmurların insafına buraxmışdı. Nəticədə Taparın ölməsindən iki ay sonra dövlət xəzinəsi məmurlar tərəfindən talan edildi və tamam boşaldı. Həmin dövrə aid qaynaqlarda bu barədə oxuyuruq: «Qızıl qurtardıqdan sonra gümüşlərin üstündəki (dövlət) möhürünü çıxarıb onları da öz aralarında bölüşdürdülər. Sonra zinnət əşyalarına əl uzatdılar. Daha sonra da sıra ilə mücəvhərləri, libasları, otlaqlardakı ərəb atlarını, dəvələri paylaşdılar. Heç bir şey buraxmadılar. Damazlıq qoyunlara, qoçlara, keçilərə qədər bölüşdürdülər. Varlı olan dövləti soyub soğana çevirdilər, beləcə, onun bel sutununu sındırdılar».
Səlcuqlu dövlətində başlayan hərc-mərclik əmisi Səncərin Sultan Mahmuda qarşı hərəkətə keçməsinə gətirib çıxardı. Həmin vaxt Xorasanı idarə edən Səncər 1119-cu ildə Savə yaxınlığındakı döyüşdə Mahmudu məğlub edib hakimiyyəti ələ keçirdi. Bu hadisə Böyük Səlcuqlu dövlətinin parçalanmasına səbəb oldu. Səncər Xorasan və İraq Səlcuqluları (yaxud Şərqi və Qərbi Səlcuqlular) deyə iki yerə bölünən imperiyanın hakimiyyətini ələ keçirdi. O, qardaşı oğlunu öldürməyib İraq Səlcuqlu hökmdarı elan elədi. Bu hadisə 1119-cu ildə Böyük Səlcuqlu dövlətinin Reydən qərbə doğru uzanan torpaqlarında yeni dövlətin yaranmasına səbəb oldu.
Tarixçi Həmdullah Mustovfi Qəzvini yazır ki, İraq, Azərbaycan, Bağdad, Diyarbəkir, Fars, Aran, Ərmən və Gürcüstan torpaqlarının nəzarəti Sultan Mahmuda verildi. Sultan Mahmud arxa-arxaya Sultan Səncərin iki qızı ilə evləndi və onun vəliəhdi elan edildi.
Məhz bu hadisələrdən iki il sonra Eldəniz Həmədana gəldi və İraq Səlcuqlu dövlətinin sarayına daxil oldu. Əvvəl də yazdığımız kimi, öncə vəzir Sümeyrəminin, daha sonra Sultan Mahmudun qulamı olan Eldəniz düz 20 il boyunca Səlcuqlu sarayında xidmət elədi. O, daxili müharibələrin, saray intriqalarının və ixtilaflarının içində yetişdi. Gördüklərindən dərs çıxarmağı yaxşı bacaran Eldəniz başqa əmirlərdən və atabəylərdən fərqli olaraq özünü mərhələli şəkildə dövlət idarəçiliyinə hazırladı. Elə Möminə xatunun da həmin vaxtadək adı-sanı olmayan Eldənizlə evlənməyə razılıq verməsinin səbəbi qəhrəmanımızın ağlı, qabiliyyəti idi. Eldənizdə saraydakı əksər əmirlər və qoşun başçıları üçün xarakterik olan tamahkarlıq, vəzifə hərisliyi yox idi. O, adlı-sanlı bir türk boyuna mənsub olsa da, əsir alınıb qul kimi satılmış, yaşadığı çətinlikləri əsla unutmamış, sakit təbiəti və bacarığı ilə addım-addım ordu başçılığına qədər yüksəlməyi bacarmışdı. Sonda isə bununla da kifayətlənməyərək Səlcuqlu tarixinin ən böyük dövlət adamlarından birinə çevrilmişdi…
Atabəylik nədir?
Səlcuqlu dövlət sistemində atabəylik institutunu müsəlman dövlətçiliyindəki qulam sisteminin yeni mərhələsi olaraq görmək lazımdır. Kökləri Əməvi xilafətinə (661–750) qədər uzanan qulam sistemi orta əsrlərdə bütün müsəlman ölkələrinə yayıldı. Əvvəl də qeyd elədiyimiz kimi, qulamlıq zaman keçdikcə dövlət üçün məmurların hazırlığı ilə məşğul olan sistemə çevrilmişdi. Abbasi xilafəti, Səlcuqlular, Əyyubilər, Məmlüklər, Osmanlılar və Qızılbaşlar dövlətlərində mövcudluğunu davam etdirən bu sistem, sadəcə, yalnız hərbi sahədə deyil, dövlət idarəçiliyi sahəsində də kadrların yetişdirilməsində mühüm rol oynamışdır.
Müharibə və müxtəlif yollarla ələ keçirilən qullar siyasi, hərbi, sosial sahələrdə qazandıqları mövqeyə görə müxtəlif dövrlərdə müxtəlif adlar alıblar. İslam dövrü mənbələrində onlara abid[24 - Abid – əyalətlərdə vergilərin toplanmasına nəzarət edən dövlət məmuru], məmlük, əl-məvla, bəndə, əl-xadim, qul və qulam deyilirdi.
İslamın ilk dövrlərindən etibarən əsir alınan və qul statusu daşıyanların 1/5-i dövlət xəzinəsinin payına, 4/5-ü isə orduya daxil edilirdilər. Ələ keçirilən, əsir düşən və ya satın alınan qul türk kökənlidirsə, adətən, müsəlman hakimləri tərəfindən ordu sıralarına cəlb olunurdu.
Ərəbcə qulam «bədənində tük çıxmamış və ya bığı tərləməmiş dəliqanlı, gənc xidmətçi, oğlan uşağı, azad olunmuş qul, sahibinə tabe mühafizəkar» mənasına gəlir. Bu söz kişi qulları ifadə edir. Qadın qullara isə cariyə adı verilirdi.
Abbasilərdən etibarən mənası dəyişməyə və genişləməyə başlayan qulam anlayışı, xüsusilə türklərin dövlət sistemində geniş səlahiyyətlər qazandı. Belə ki, «əsir və ya qul kimi xidmətə qəbul edilən insanların qabiliyyətləri, təhsil səviyyələri onların ordu və dövlətin müxtəlif sahələrində işə götürülməsinə» şərait yaratdı və bu qulam sisteminin yaranmasına səbəb oldu.
Böyük Səlcuqlu dövləti yarandıqdan sonra xilafətin bir çox qurum və quruluşların funksiyasını qoruyub saxladı. Səlcuqluların çoxsaylı fəthlərə, insan resurslarına ehtiyacı artırmışdı. Güclü hərbi-siyasi təməllər üzərində dayanan Səlcuqlu ordusu qulamlardan, üməralardan (qulamlıqdan yetişənlərdən), türkmənlərdən, vassal dövlətlərin hərbi qüvvələrindən və şəhər-əyalət qarnizonlarından formalaşırdı. Ordunun əsas, dəyişməyən və say etibarı ilə çox hissəsini təşkil edən türklər iki hissəyə ayrılırdılar. Onlar qulamlıq sisteminə görə təlim almış türkmənlər və irsi olaraq əmirlərinə bağlı azad türkmənlər adlanırdı.
Səlcuqlu dövlət sistemində qulamlar əsasən qarluq, yağma, çigil, qıpçaq, qayı, uran və oğuzlardan ibarət idi[25 - Vəzir Nizamülmülk hazırladığı məruzələrin birində oğuz türklərindən 5–10 min insanın qulam olaraq dövlət xidmətinə alınmasını tövsiyə etmişdi.].
Səlcuqlu ordu sistemində zamanla bəzi dəyişikliklər meydana gəldi. Bunun ən bariz nümunəsi «maaşlı» və «iqta (pay torpağı) sahibi» əsgərlərin ortaya çıxmasıdır. Belə ki, özlərini dövlətin hakim təbəqəsi sayan oğuzlar mütəmadi olaraq mərkəzi hökumətə qarşı üsyana qalxırdılar. Həmin üsyanlar qarşısında hakimiyyətlərini qorumaq istəyən sultanlar öz ordularını daimi hərbi birləşmələrdən təşkil etməli oldular.
Səlcuqlular dövründə qulamlıq sistemi daxilində xüsusi bir qurum kimi atabəylik formalaşdı. Bu sistemin yaranmasında ən böyük rolu Nizamülmülk oynamışdı.
Bəzi tarixçilər səlcuqlu qulam sisteminin digər İslam dövlətlərindəki qulam sistemindən fərqini belə izah edirlər: səlcuqlu ordusu tamamilə türkmənlərdən ibarət qulamlardan təşkil olunmuşdu, halbuki qulam sisteminə döyüşlərdə əsir alınan və qul bazarlarından toplanılan başqa millətlərdən də əsgərlər daxil edilirdi. İstənilən halda, səlcuqlu qulam sisteminin onurğa sütunu türklər idi.
Bildirildiyinə görə, 1040-cı ildə səlcuqlularla qəznəvilər arasında baş verən Dandanakan döyüşündə 370 qulam Toğrul bəyin tərəfinə keçmiş və bununla da Səlcuqlu dövlət sistemində qulamlığın əsası qoyulmuşdur.
Sultan Məlikşahın dövründə qulamlar Səlcuqlu ordu və dövlət sistemində ən böyük sinfi təşkil edirdilər. Onların fəaliyyət sahələri genişlənib mövqeləri gücləndikcə qulamlıq sistemi də dövlət daxilində xüsusi instituta çevrildi. Artıq vəzirlər, əmirlər, vilayət sahibləri, hətta qulamlıqdan həlledici mövqelərə yüksəlməyi bacaran atabəylərin belə əmrində qulamlar var idi. Məsələn, Nizamülmülkün qulamlarının sayı 1000-ə çatırdı. Hər qulamın aylıq maaş aldığını nəzərə alsaq, vəzirin onlara 200 min dinar ödədiyini söyləmək mümkündür. Bu o deməkdir ki, qulamlıq Səlcuqlu dövlətində həm də ciddi iqtisadi məna ifadə edirdi.
Dövlətin bütün siyasi-maddi imkanlarından faydalanan qulamlar dövlətdən öz haqlarını tələb eləmək imkanına malik idilər. Məsələn, Kirman hakimi Kavurdla döyüş ərəfəsində qulamlar Nizamülmülkə açıq şəkildə xəbərdarlıq etmişdilər: «Əgər bizə verilən iqtalar və caməgilər[26 - Caməgi – əsgərin maaşdan başqa aldığı bəxşiş] artmasa, dövlət səadəti Kavurdun olsun! Yaşasın Kavurd!»
Hələ Əməvilər dövründən etibarən bütün müsəlman dövlətlərində türk əsilli qulam-məmlüklər ordu sisteminin bir parçasına çevrilir və öz vəzifələrindən istifadə edərək dövlət idarəçiliyində geniş səlahiyyətlər qazanırdılar. Bunu yaxşı bildikləri üçün bəzi türk gəncləri könüllü şəkildə həmin sistemə daxil olmaq istəyirdilər. Elə Eldənizin yolda tərk edildiyi halda gedib yenidən qul karvanına qoşulmasının başlıca səbəbi də bu idi…
Müsəlman dövlətlərinin ordularında qulamlar o qədər qiymətli idi ki, bəzən hətta onlar üçün cehizlərdə göndərilirdi. Məsələn, Məlikşah Qaraxanlı hökmdarı İliq Xanın nəvəsi Tərkən Xatun ilə evlənərkən Sultan Alparslanın sarayına gəlinin cehizi ilə birlikdə 1000 türk əsilli qul və cariyə də göndərilmişdi.
Qulamlar uzun təhsil və tərbiyə dövrü keçirdilər. Bu məktəblərə qulamxanələr deyilirdi. Bəzi qaynaqlara görə, qulamın təhsil və tərbiyə müddəti 18-20 il davam edirdi. Nizamülmülkə görə, yaxşı təlim və tərbiyə almış qulama 30-40 yaşından tez vəzifə verilə bilməzdi.
Nizamülmülk qulamların yetişdirilməsi prosesini belə təsvir edir: «Qulam satın alanda əvvəlcə o, bir il boyunca hərbi hissədə zəndənəci[27 - Zəndənəci – «zəndanə» sözündəndir. Bu söz xanəndə və ya qadın xanəndə mənasına gəlir. Zəndənəci isə xanəndələr tərzində geyinilən libas mənasına gəlirdi.] qaftan və yüngül çəkmə geyərək xidmətə başlayardı. Həmin il əzrində qulamın hətta gizli belə olsa ata minməsinə icazə verilmirdi. Minərsə, ağır cəza alırdı. Qulamın bu birillik xidmət müddəti qurtaran kimi bunu sultana xəbər verir, daha sonra isə həmin qulama dəri yəhəri və dəri çulu olan türk atı verirdilər. Birillik at və qamçı ilə xidmət müddəti qurtaran kimi bu dəfə ona qılınc, üçüncü il yay qabı və oxluq verilirdi. Dördüncü il daha yaxşı yəhər, ulduzlu bir çul, bir qaftan, üstündə bir həlqə asılan çomaq təqdim edilirdi. Beşinci il bir saki[28 - Saki (və ya saqi) – ərəbcədən tərcümədə bu söz içki paylayan, şərab süzən deməkdir. Xüsusi məclislərdə başda hökmdar olmaqla məclis iştirakçılarının qədəhlərinə şərab süzən xidmətçilər belə adlandırılırdı. Saqilərin inanılmış və sədaqətli olması vacib şərt idi. Bundan başqa, meyxanələrdən tutmuş əsilzadələrin evlərində də eyni işi görənlərə saki (və ya saqi) deyilirdi.] və belinə qədəh asılmış bir abdar[29 - Abdar – Səlcuqlu və orta əsr digər müsəlman dövlətlərində saray məmuru. «Taştdar» da adlandırılır. Vəzifəsi hökmdarın əlini yuması və dəstəmaz almasına kömək etmək idi. «Abdar» sözünün farscadan tərcüməsi də elə «su tökən» deməkdir.] verilirdi. Altıncı il camadarlıq[30 - Camadar – başda sultan olmaqla saraydakıların geyiminə və libaslarına nəzarət edən məmura verilən ad] edərdi. 7-ci il ona bir təpəli və 14 pazlı çadır verilirdi. Sonra da üç yeni satın alınmış qulamı onun dəstə üzvü təyin edirdilər. Özünə isə visakbaşı titulu verilirdi. Gümüşü ip çəkilmiş qara külah ilə Gəncə qaftanını ona geyindirirdilər. Daha sonra əmrindəki xidmətçilərin sayını və rütbəsini artıraraq nəhayət haylbaşı təyin edirdilər. Beləcə, ləyaqəti, hörməti, şücaəti artdıqca hamı tərəfindən tanınırdı. Əlində böyük səlahiyyət toplanırdı… Bir sözlə, qulam 30-40 yaşına çatmamış əmirlik və valilik rütbəsi ala, heç bir vəzifəyə təyin edilə bilməzdi».
Bu sistemin varlıq səbəbini, ortaya çıxmasını və mövcudluğunu təhlil edən İbn Xəldun[31 - İbn Xəldun (1332 – 1406) – XIV əsr filosofu, dövlət xadimi və tarixçisi] qulam sisteminin varlığını dövlət fəlsəfəsi cəhətindən belə əsaslandırırdı: «Bir hökmdar hakimiyyətinin ilk mərhələsində öz millətinə arxalanır, onun mənfəətini ön planda tutur, vergilərin toplanmasından tutmuş, dövlət sərhədlərinin qorunmasınadək hər işi öz qövmünə tapşırır, onun fikirlərini və istəklərini nəzərə alaraq davranır. Lakin sonrakı mərhələdə həmin hökmdar öz qövmünü dövlət işlərindən uzaqlaşdıraraq bütün hakimiyyəti öz əlində cəmləşdirməyə çalışır, qullar alaraq özünün köməkçiləri təyin edir, onların sayını çoxaltmağa çalışır. Bunda məqsəd var-dövləti yalnız öz sülaləsinin paylaşmasına şərait yaratmaq, bunun üçün də camaatı öz iradəsinə boyun əydirməkdir». Bir sözlə, İbn Xəlduna görə, hökmdar xalqını və silahdaşlarını ölkə idarəçiliyində iştirak imkanından məhrum edərək dövləti şəxsi mülkiyyətinə çevirmək üçün qulam sisteminin varlığına ehtiyac duyurdu.
Səlcuqlular dövründə hətta belə bir atalar sözü məşhur idi: Sadiq bir qulam 100 övladdan daha xeyirlidir. Çünki övlad atanın ölümünü istəyər, qulam isə uzun yaşamasını.
Səlcuqlu dövlət sistemində qulamın əldə etdiyi ən böyük vəzifə atabəylik idi. Buna görə də atabəylik qulam sisteminin bir parçası, daha doğrusu, onun son mərhələsi hesab olunurdu. Səlcuqlu atabəylərinin, demək olar, hamısı qulam sistemindən çıxan əmirlər və sərkərdələr idi.
Bir qulamın vəliəhd şahzadənin atabəyi elan edilməsində əsas şərtlər qabiliyyət, istedad və sədaqət idi. Sultan istedadına və qabiliyyətinə inandığı, sədaqətindən şübhə eləmədiyi qulamını oğlunun atabəyi təyin edirdi. Tarixdə padişahların inamını boşa çıxarmayan atabəylər çoxdur; elə Səlcuqlu atabəylərinin də əksəriyyəti dövlətə sədaqətlə xidmət göstəriblər. Bununla belə, hər atabəy öz şahzadəsinin haqlarını qorumaq istəyir, eyni zamanda həmin şahzadə taxta çıxacağı təqdirdə özlərinin də böyük imkanlar qazanacaqlarını bilirdilər. Bu isə sonda Səlcuqlu dövləti daxilində müstəqil atabəylərin yaranmasına səbəb oldu. Təkcə Azərbaycanda dörd atabəylik sülaləsi (Aran, Marağa, Azərbaycan və Əhər) yarandı.
Qara Sunqur
Əvvəl də qeyd elədiyimiz kimi, İraq Səlcuqlu sultanı Mahmud 1131-ci ildə gənc yaşda vəfat etdi. Bunun ardınca isə şahzadələr və əmirlər arasında taxt uğrunda mübarizə daha da alovlandı. Xüsusilə Məhəmməd Taparın oğulları arasında hakimiyyətə sahiblənmək üçün qanlı mücadilə başladı.
Mahmudun vəfatından sonra onun dörd qardaşı taxt-taca iddia edirdi. Bunlar Davud, Toğrul bəy, Məsud və Süleymanşah idi.
İraq Səlcuqlu taxtını öncə Davud ələ keçirdi. Lakin Davudun hakimiyyəti, sadəcə, bir il davam etdi. 1132-ci ildə taxta Toğrul bəy çıxdı və «Sultan II Toğrul bəy» adını aldı. Toğrul bəyin qısa müddətli hakimiyyəti (1132–1135) qardaşları ilə müharibələrdə keçdi. Hakimiyyətinin üçüncü ilində Toğrul vəfat etdikdən sonra isə bu dəfə taxta Məsud oturdu. Sultan Məsudun hakimiyyəti (1135–1152) uzun sürsə də, ölkədəki daxili müharibələr, ixtilaflar və üsyanlar səngimədi. Məsudun zəif iradəsi əmirlər arasında hakimiyyət hərisliyinin artmasına gətirib çıxardı. Xüsusilə hərəsi bir səlcuqlu şahzadəsinin atabəyi olan və böyük hərbi gücə sahib əmirlər sultanın iradəsi ilə qətiyyən hesablaşmırdılar. Belə əmirlərdən biri də rəsmi olaraq Aran atabəyi hesab olunan, reallıqda isə İraq Səlcuqlu dövlətinin bütün şimal-qərb torpaqlarına (Diyarbəkir, Aran, Azərbaycan, Əxlat[32 - Əxlat – indiki Türkiyə ərazisində, Van gölünün şimal-qərb sahilində qədim şəhər] və d.) nəzarət edən Atabəy Qara Sunqur idi. O, Sultan Məsuddan daha çox onun arvadı, Sultan Bərkyarukun qızı Zübeydə Xatundan çəkinirdi. Belə ki, Zübeydə Xatun Məsud üzərində ciddi təsirə, hətta bir çox dövlət işləri ilə bağlı qərar vermək imkanına malik idi. Bu səbəbdən də Qara Sunqur onunla münasibətlərini xoş tutmağa başlamışdı. Atabəy Zübeydə Xatuna müxtəlif qiymətli hədiyyələr göndərirdi. Nəticədə onun yanında böyük nüfuz qazandı. Bu Qara Sunqurun Aran Atabəyliyinin başında qalmağa davam etməsinə və siyasi nüfuzunun güclənməsinə gətirib çıxardı.
Bundan sonra Qara Sunqur Sultan Məsudun hakimiyyətini möhkəmləndirmək üçün hərəkətə keçdi. Nəticədə sultanın əsas düşmənlərinə, o cümlədən, Abbasi xəlifəsi Müstərşidə ağır zərbə vurdu və onların İraq Səlcuqlu hökmdarı üzərində təsirini aradan qaldırdı. Bu xidmətlərinin müqabilində isə sultan tərəfindən atabəy əl-əzəm (böyük atabəy) elan edildi. Tezliklə Qara Sunqur dövlətin bütün idarəsini öz əlində cəmləşdirdi. Faktiki olaraq Aranın hakimi olsa da, İraq Səlcuqlu dövlətində sultandan sonra ikinci söz sahibinə çevrildi. Sultan Məsudun Xəlifə Müstərşid ilə döyüşdə əsir aldığı Baranquş, Çavlı Candar kimi böyük əmirlər də onun tabeliyinə verildi. İraq Səlcuqlu torpaqlarında hər hansı üsyan baş verdiyi zaman buna ilk olaraq Qara Sunqur müdaxilə edirdi. İstər Böyük Səlcuqlular, istərsə də İraq Səlcuqlular dövlətlərinin tarixi boyunca belə geniş səlahiyyətlərə Qara Sunqurdan əvvəl heç bir atabəy sahib olmamışdı. O hətta sultanın təyin etdiyi məmurları vəzifəsindən azad etdirməyə qadir idi. Bu da səbəbsiz deyildi: Məsud böyük atabəyə hədsiz etimad göstərir və fikirləri ilə hesablaşırdı. Öncə Fars hakimi Məngüparsın qiyamını yatıran, ardınca Abbasi taxtına oturan yeni xəlifə ər-Raşidini zərərsizləşdirən Qara Sunqur bu uğurlarından sonra İraq Səlcuqlu dövlətinin gerçək idarəçisi oldu. Bu isə bir müddət sonra Sultan Məsudu narahat etməyə başladı. Özü hökmdar olduğu halda dövlət üçün əhəmiyyətli qərarları Qara Sunqurun verməsi sultanın ürəyincə deyildi. Çünki bu onun nüfuzuna xələl gətirirdi.
1138-ci ilin noyabrında Sultan Məsud İraq Səlcuqlu sultanlığının vəziri Əbül-Bərəkəti edam etdirdi. Əbül-Bərəkəti həmin vəzifəyə əmisi Sultan Səncərin istəyi ilə təyin edilmişdi. Məsud edam qərarının böyük sultana qarşı üsyan olmadığını göstərməyə məcbur idi. Bu səbəbdən Səncərin yanında xidmət edən və onun xəzinədarı[33 - Xəzinədar – dövlət xəzinəsinə nəzarət edən məmur. Xəzinədarlar döyüşdə əldə edilən qənimətlərin hesabını aparmaqla yanaşı, hökmdara başqa dövlətlərdən və əyalətlərdən gələn hədiyyələrə də məsul idilər.] olan Rey valisi Kəmaləddin Məhəmmədi yeni vəzir təyin elədi. Kəmaləddin Məhəmməd etibarlı, ədalətli və dürüst adam idi. Hətta xəzinədar olduğu illərdə dövlət daxilində rüşvət və yeyinti hallarını ortaya çıxarmış, bununla da dövlət gəlirlərinin artmasına səbəb olmuşdu. Çox keçmədi ki, yeni vəzirin dürüstlüyü Sultan Məsudun ətrafında toplanmış əmirləri narazı salmağa başladı.
Məsələ burasındadır ki, Kəmaləddin Məhəmməd vəzir olduqdan sonra sultana mərkəzi hakimiyyətin gücləndirilməsini məsləhət gördü. Bunun üçün isə birinci növbədə əmirlərin dövlət və saraydakı təsiri azaldılmalı idi. Vəzirin aldığı tədbirlərə qarşı ilk reaksiya Aran hakimi Qara Sunqurdan gəldi. Qara Sunqurun sultan üzərində böyük güc və təzyiq sahibi olduğunu görən vəzir onu atabəy haqqında xəbərdar eləmişdi: «Qara Sunqurun varlığı sultana öz gücünü və nüfuzunu hiss etdirməyə imkan verməyəcəkdir». Məsud vəzirin bu fikri ilə razılaşdı və onlar gizlicə Fars hakimi Boz-Apanı Həmədana dəvət edərək Qara Sunquru ortadan qaldırmaq qərarına gəldilər. Lakin saray məmurları bu xəbəri Qara Sunqura çatdırdılar. Həmin vaxt Azərbaycanda olan böyük atabəy dərhal hərəkətə keçdi: İraq Səlcuqlu taxtının iki iddiaçısı – Səlcuqşah və Davudu da özü ilə götürüb 20 minlik ordu ilə Həmədan qapılarına qədər gəldi. Şəhərə hücüm etməmişdən əvvəl o, Sultan Məsuda belə bir təklif yolladı: «Ya vəzirin başını göndər, ya da biz başqa sultana xidmət edərik».
Qara Sunqurun kifayət qədər güclü atabəy olduğu bir daha təsdiqini tapdı: çarəsiz vəziyyətdə qalan sultan başqa çıxış yolu tapmayıb vəzirin başını Qara Sunqura göndərdi. Bunun ardınca isə böyük atabəy öz vəziri İzzəlmülkün İraq Səlcuqlu sultanlığının vəziri təyin edilməsinə nail oldu. Bu, Qara Sunqurun Sultan Məsudu tamamilə öz iradəsinə tabe etdirməsinin əlaməti idi. İzzəlmülkün vəzirliyi zamanı İraq Səlcuqlu dövlətinin nizam-intizamı bütünlüklə dağıldı. Mənbələr onun dövründə «əmirlərin öz-özlərinə iqta verəcək qədər» özbaşınalıq etdiklərini yazır. Qara Sunqurun təsiri altına düşən Məsud hətta qardaşı oğlu Davudu özünə vəliəhd təyin eləməli olmuşdu. Lakin hadisələrin sonrakı gedişi bu planı puça çıxardı: bir müddət sonra ismaililər şahzadə Davudu öldürdülər.
Böyük atabəydən asılı vəziyyətə düşən Sultan Məsud müstəqil hərəkət edə bilmirdi. Qara Sunqur isə bunun tam əksinə olaraq o dərəcədə rahat davranırdı ki, Fars əyalətinə hücum çəkdi, oranı əyalət hakimi Boz-Apanın əlindən alıb şahzadə Səlcuqşahın iqtası elan etdi. Sultan böyük atabəyin bu hərəkəti qarşısında, sadəcə, susmaqla kifayətləndi. Lakin bir qədər sonra Qara Sunqurun Azərbaycana qayıtmasından istifadə edən Boz-Apa yenidən Fars əyalətini ələ keçirib Səlcuqşahı məğlubiyyətə uğratdı. Bununla da kifayətlənməyib onu zindana saldırdı. Sultan Məsud isə Atabəy Qara Sunqurun qorxusundan ölkəsində baş verənləri kənardan izləməklə kifayətləndi. Bir müddət sonra taxtın əsas namizədlərindən olan Səlcuqşah öldürüldü. Sultan Məsud həmin xəbəri sevinclə qarşıladı. Qara Sunqur isə şahzadənin qətli barədə eşidib «bir daha heç kimin atabəyi olmayacağına» and içdi. Ardınca isə Bərcusərdə doğru hərəkət elədi. Elə bu zaman Gəncədə böyük bir zəlzələnin meydana gəldiyini öyrəndi. Sürətlə Arana hərəkət edən Qara Sunqur, zəlzələ nəticəsində yaranmış qarışıqlıqdan faydalan qıpçaq-abxazların Gəncəyə hücumunun qarşısını almaq niyyətində idi.
Gəncə ətrafında qıpçaq-abxaz ordularının qarşısına çıxan böyük atabəy onların çoxunu qılıncdan keçirdi və qaçmağa məcbur elədi. Bunun ardınca isə ordusu ilə Fars və Xuzistana yönəldi. Lakin çox keçmədi ki, gürcü-abxazların komandanı Abuleth oğlu Yovanenin Gəncəyə hücum çəkdiyini eşitdi. Yovanenin ordusu zəlzələ səbəbi ilə dağılan şəhərə soxulmaq istəmiş, bu zaman minlərlə insanı öldürmüşdü. Şəhərin divarları arxasında gizlənənlər isə canlarını çətinliklə qurtara bilmişdilər. Baş verənlərdən agah olan Qara Sunqur təcili bölgəyə gəlib gürcü ordusunu məğlubiyyətə uğratdı. Yovanenin döyüşçülərindən qırılanlar qırıldı, sağ qalanlar isə qaçmağa üz qoydu. Gəncəyə daxil olan atabəy zəlzələnin yaratdığı böyük fəlakəti gözləri ilə gördü. Aranın mərkəzi xarabaya çevrilmişdi. Zəlzələ nəticəsində şəhərin yarısı həlak olmuşdu. Mənbələr ölənlərin sayının 230 min nəfərə çatdığını yazırlar. Bunu da deyək ki, onların arasında Qara Sunqurun arvadı və iki oğlu da var idi.
Qıpçaq-abxazlar xarabaya qalmış Gəncəni ələ keçirdikdən sonra şəhərin yaxınlığında eyni adlı yeni şəhər salmağa başlamışdılar. Lakin Qara Sunqur həmin şəhəri yerlə yeksan etdirib köhnə şəhəri bərpa eləmək üçün hərəkətə keçdi. Bunun üçün əmirlərə lazımi tapşırıqlar verdi. O, hər gün şəhəri gəzib görülən işlərə nəzarət edirdi. Nəticədə zəlzələdən sonra Gəncədə geniş yayılan vərəm xəstəliyinə tutuldu. Əmirlər böyük atabəyə məsləhət gördülər ki, şəhəri tərk eləsin. Lakin bunun bir faydası olmadı. Tutulduğu xəstəlikdən sağala bilməyən Qara Sunqur 1140-cı ildə vəfat etdi. Onun ölümü Gəncə camaatını yasa boğdu. Bu, səbəbsiz deyildi: atabəyin ədaləti və dəyanəti sayəsində Gəncə şəhəri qısa müddətdə əvvəlki vəziyyətinə qovuşmuş, zəlzələnin vurduğu ziyan ortadan qaldırılmışdı. Onu da deyək ki, Qara Sunqurun ölümü yalnız Gəncə əhalisi tərəfindən deyil, İraq Səlcuqlu dövlətinin bütün əhalisi tərəfindən böyük kədərlə qarşılanmışdı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289496) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Əmir – ordu başçılarına, iqta olaraq aldıqları əyalətlərin başında dayanan komandanlara, eləcə də bəylərə verilən ad
2
Atabəy – Səlcuqlu və digər türk dövlətlərində hökmdar övladlarının təlim-tərbiyəsi ilə məşğul olan, onlara gənc yaşlarda dövlət idarəçiliyini öyrədən, bilavasitə sultan tərəfindən vəzifələndirilmiş əmirlərə verilən titul. Türkcə «ata» və «bəy» sözlərinin birləşməsindən yaranmışdır.
3
Silk – feodalizm dövründəki sinfi münasibətlər əsasında meydana gələrək varislik hüquq və vəzifələri qanunən möhkəmlənmiş ictimai qrup, təbəqə
4
Slavlar – Avropada ən böyük etnodilli icma. Bu icmaya ruslar, beloruslar, ukraynalılar, serblər, xorvatlar, boşnaklar, monteneqrolular, makedonlar, slovenlər, bolqarlar, çexlər, polyaklar və slovaklar daxildir (red.).
5
Xarəzm – Orta Asiyada (Özbəkistan, Qazaxıstan, Türkmənistan) tarixi-coğrafi bölgə və Xarəzmşahlar dövlətinin yerləşdiyi ərazi (red.)
6
Yaqut əl-Həməvi (1178 – 1229) – Bizans əsilli ərəb coğrafiyaşünası və səyyahı. Maraqlıdır ki, Yaqut əl-Həməvi də Suriya tacirlərindən birinin qulu оlmuş və müsəlmanlığı qəbul etmişdir.
7
Peçeneqlər – 9 –11-ci əsrlərdə Cənub-Şərqi Avropada köçəri həyat sürmüş türk mənşəli qədim xalq
8
Aran ( və ya Arran) – antik yunan mənbələrində Albaniya, süryani mənbələrində Ran və ərəb mənbələrində ər-Ran (Arran) olaraq qeyd edilən ölkə. Aran indiki Azərbaycan Respublikasının ərazisini bütöv şəkildə, həmçinin indiki Ermənistanın və indiki Gürcüstanın (Tiflisə qədər) yarısını əhatə edirdi. Tarix boyunca Aranın ərazisi bəzən genişlənmiş, bəzən isə kiçilmişdir. Aran Atabəyləri dövründə (1119 – 1154-cü illər) Aran böyük bir siyasi qurumun mərkəzi idi. Həmin dövrdə onun paytaxtı Gəncə idi. Eyni zamanda Səlcuqlu şahzadələrinin taxt mərkəzi sayılırdı. Yəni buradakı atabəylərin himayəsinə verilən şahzadələr hakimiyyətin ötürülməsində üstünlük qazanırdılar.
9
Cariyə – keçmiş zamanlarda özgə ölkələrdən zorla qaçırılaraq azadlıqdan məhrum edilən, pulla alınıb-satıla bilən, hər cəhətdən sahibinin arzularına tabe olan qız və ya qadın (red.)
10
Qarakitaylar – 1125-ci ildə Orta Asiyada qurulan və 1211-ci ilədək mövcud olan monqol dövləti. Paytaxtı indiki Qırğızıstan ərazisində yerləşmiş Balasaqun şəhəri idi.
11
Cənabət – qüsl (su ilə yuyunmaq) tələb olunan hal
12
İsmaililər – on iki imamdan altıncısı olan İmam Cəfəri-Sadiqin böyük oğlu İsmayılın əsasını qoyduğu şiə təriqəti. Bu təriqət VIII əsrdə şiələr arasında baş vermiş parçalanma nəticəsində yaranıb. İsmaililər süüni məzhəbinə qarşı kəskin mövqeyi ilə seçilirdi (red.).
13
Həsən Sabbah (1055 – 1124) – hazırkı İran ərazisində, Qəzvində yerləşən Ələmut qalasında özünün yaratdığı Nizari İsmaililər dövlətinin ilk hökmdarı. Hakimiyyət dövrü 1090 – 1124-cü illərdir (red.).
14
Şəhnə – səlcuqlar dövründə bəzi şəhər və bölgələrdə inzibati-hüquqi idarəetmə sistemi
15
Mirxond Məhəmməd ibn Xavəndşah (1433 – 1498) – tarixçi. Bəlxdə doğulmuş, Herat şəhərində vəfat etmişdir (red.).
16
Akademik Ziya Bünyadov Şəmsəddin Eldənizin (əlahivan salar), yəni sultan mətbəxinin başçısı təyin olunduğunu yazır, lakin bu doğru deyil.
17
Əmiri-çaşnigir – farsça «çaşni» (ləzzət) və «gir» (tutan) sözlərindən əmələ gələn bu ad sultan süfrələrinin hazırlığını aparan əmirlərə verilirdi.
18
Xansalar – farsca «xan» (süfrə) və «salar» (əmir) sözlərindən yaranan bu ad hökmdar sarayında süfrəbaşçısına verilirdi. Həmin vəzifəni daşıyanlar saray süfrələrinin qurulmasına, yeməklərin hazırlanmasına, qidaların təhlükəsizliyinə və saray mətbəxi üçün lazımi ərzaqların alınmasından məsul idi.
19
Məmlük – qul kimi alınıb bir hökmdarın, əmir və digər şəxslərin xidmətində olan şəxslərə verilən ümumi ad
20
Mücirəddin Beyləqani (1130 – 1194) – Beyləqanda doğulmuş, Təbrizdə vəfat etmişdir. Bəzi qaynaqlarda anasının həbəş mənşəli olduğu vurğulanır. Məhəmməd Cahan Pəhləvana, onun qardaşı Qızıl Arslana və başqalarına yazdığı mədhiyyələrlə məşhurdur. (red.)
21
Qaraxanlılar – 840 –1212-ci illərdə Mərkəzi Asiyada mövcud olmuş türk dövləti
22
Xani-yağma adlanan bu qədim türk ənənəsi barədə «Kitabi-Dədə Qorqud»da da bəhs olunur. Ənənəyə əsasən türk hökmdarlarının vəzifələri arasında xalqını ac saxlamamaq və doyurmaq da yer alırdı. Odur ki türk hökmdarları hər gün sarayları qarşısında qurulan çadırlarda xalqa təmənnasız yemək paylayırdılar. Bundan başqa, ildə bir neçə dəfə hökmdarlar böyük şənliklər təşkil edir, bütün obalar dəvət olunur və ziyafət verilirdi.
23
Dinar – Yaxın Şərqin bəzi ölkələrində qızıl pul
24
Abid – əyalətlərdə vergilərin toplanmasına nəzarət edən dövlət məmuru
25
Vəzir Nizamülmülk hazırladığı məruzələrin birində oğuz türklərindən 5–10 min insanın qulam olaraq dövlət xidmətinə alınmasını tövsiyə etmişdi.
26
Caməgi – əsgərin maaşdan başqa aldığı bəxşiş
27
Zəndənəci – «zəndanə» sözündəndir. Bu söz xanəndə və ya qadın xanəndə mənasına gəlir. Zəndənəci isə xanəndələr tərzində geyinilən libas mənasına gəlirdi.
28
Saki (və ya saqi) – ərəbcədən tərcümədə bu söz içki paylayan, şərab süzən deməkdir. Xüsusi məclislərdə başda hökmdar olmaqla məclis iştirakçılarının qədəhlərinə şərab süzən xidmətçilər belə adlandırılırdı. Saqilərin inanılmış və sədaqətli olması vacib şərt idi. Bundan başqa, meyxanələrdən tutmuş əsilzadələrin evlərində də eyni işi görənlərə saki (və ya saqi) deyilirdi.
29
Abdar – Səlcuqlu və orta əsr digər müsəlman dövlətlərində saray məmuru. «Taştdar» da adlandırılır. Vəzifəsi hökmdarın əlini yuması və dəstəmaz almasına kömək etmək idi. «Abdar» sözünün farscadan tərcüməsi də elə «su tökən» deməkdir.
30
Camadar – başda sultan olmaqla saraydakıların geyiminə və libaslarına nəzarət edən məmura verilən ad
31
İbn Xəldun (1332 – 1406) – XIV əsr filosofu, dövlət xadimi və tarixçisi
32
Əxlat – indiki Türkiyə ərazisində, Van gölünün şimal-qərb sahilində qədim şəhər
33
Xəzinədar – dövlət xəzinəsinə nəzarət edən məmur. Xəzinədarlar döyüşdə əldə edilən qənimətlərin hesabını aparmaqla yanaşı, hökmdara başqa dövlətlərdən və əyalətlərdən gələn hədiyyələrə də məsul idilər.