Ögedey

Ögedey
Əkbər N. Nəcəf
Tarixi yaradanlar
Bu kitabda Çingiz xanın varisi Ögedeyin həyat və fəaliyyəti, monqolların həyat tərzi, ənənələri, dövlət quruculuğu, müxtəlif ölkələrə, o cümlədən Azərbaycana yürüşləri barədə bir-birindən maraqlı məlumatlar oxuyacaqsınız.

Əkbər N.Nəcəf
ÖGEDEY


"Məndən sonra yerimə Ögedeyin keçməsini istəyirəm. Onu ağıllı, uzaqgörən və təcrübəli olduğu üçün buna layiq bilmişəm".
    Çingiz xan

I FƏSİL
ÇİNGİZİN XƏLƏFİ

Çingiz xan (1155–1227) öləndə oğlu, eyni zamanda xələfi olan Ögedeyə viran qalmış bir dünya miras qoymuşdu: Asiyanın bir ucundan o biri ucuna qədər yüz lərlə şəhər, onlarla ölkə monqol atlarının dırnaqları altında xaraba qalmışdı. Milyonlarla insan özünü «Tanrının qəzəbi» hesab edən monqol xanının qurbanına çevrilmişdi. Çingiz xan hakimiyyəti boyunca yalnız istilalarla və cəzalandırmaqla məşğul oldu. Onun yaratdığı və adını Monqol qoyduğu dövlətin əsl yüksəlişi oğlu Ögedeylə bağlıdır.
Oktay adı Azərbaycan və Anadoluda çox sevilən, populyar adlardan biridir. Bu ad Böyük Monqol hökmdarı Ögedeyin adının türkcə tələffüzüdür. Atasından sonra monqolların xanı seçilən Ögedey Çingizin övladları arasında ən ağıllısı hesab edilirdi. Ancaq bütün monqol kişiləri kimi, içkiyə olan düşkünlüyü onun da ölümünü tezləşdirəcəkdi…
Elxanlı dövrü (1258–1357) tarixçilərindən Ata Məlik Cüveyninin yazdığına görə, Çingiz xan hakimiyyətinin son illərində çox narahat idi. Belə ki, onu dövlətinin özündən sonrakı aqibəti hədsiz düşündürürdü. Çingiz xan uzun götür-qoydan sonra varis olaraq ortancıl oğlu Ögedeyi müəyyənləşdirmişdi. Odur ki digər oğullarına və əmirlərinə gələcəkdə Ögedeyin hakimiyyəti altında birləşmək barədə ardıcıl məsləhətlər, nəsihətlər verirdi.
Qardaşlarından öz ağlı və fərasəti ilə fərqlənən Ögedey mərhəmətliliyi ilə də onlardan müəyyən qədər seçilirdi.
Atasının vəfatından bir il sonra, yəni 1228-ci ildə keçirilən qurultayda xan seçilən Ögedey 1241-ci ilə qədər Monqol taxtında oturdu. Hakimiyyəti uzun sürməsə, cəmi 13 il davam etsə də, o, Monqol dövlətinin qüdrətini artırdı və onu gücləndirdi. Buna görə də Ögedey «monqol əsrinin» qurucusu sayılır. Atasının ona buraxdığı əraziləri iki dəfə genişləndirən Ögedey nəticədə Avrasiya qitəsinin, az qala, dörddən üçünə hökm eləmişdir. İnsanlıq tarixində nə ondan əvvəl, nə də sonra heç bir hökmdar yer üzündə bu qədər böyük əraziyə sahib ola bilməyib.
Çingiz xan monqol hökmdarı kimi öldü. Oğlu Ögedey isə türk-monqol xanı kimi həyata gözlərini yumdu. İmperiyanın idarəsini müsəlman-türk bürokratlara tapşıran Ögedey, uyğur əlifbasını qəbul etməkdən çəkinməmiş, nəticədə dövlətin bütün hesab-kitab işləri türk məmurlarının əlində cəmləşmişdi. Beləliklə, Monqol imperiyasının idarəçiliyində monqolların təsirini kəskin azaldan Ögedey, eyni zamanda atasının vəsiyyətini çeynəyən ilk monqol kimi tarixə düşdü. Belə ki, Çingiz xanın öz adını daşıyan qanunlar toplusu («Çingiz xan yasası») və hakimiyyətin ötürülməsi haqqında vəsiyyəti var idi. Həmin vəsiyyətində Çingiz xan «monqolların bir-birinə düşmən olmamasını, idarəçiliyi daim öz əllərində saxlamasını» məsləhət görür, monqol irqinin aliliyini ifadə edirdi. Ancaq Ögedey monqollardan daha yüksək bacarığa malik türk və çinli dövlət adamlarını idarəetmə sisteminə yerləşdirməklə atasının həmin vəsiyyətindən kənara çıxmışdı.

Çingizin oğulları
İlk xatunu Börtədən olan oğullarına qarşı Çingiz xanın münasibəti birmənalı deyildi. Bunun da səbəbləri var idi. Məsələn, atasından bir qədər əvvəl dünyasını dəyişən böyük oğlu Cuçinin merkit[1 - Merkitlər türk əsilli olub, xristianlığın nəsturilik məzhəbini qəbul etmişdilər. Çingiz xan dövründə Monqolustan ərazisinin ən güclü tayfası sayılan merkitlər bir neçə qola ayrılırdılar.] qanı daşıdığına dair iddialar dolaşırdı. Tarixşünaslıqda geniş yayılan bu iddianın ortaya çıxması heç də təsadüfi deyil. Məsələ burasındadır ki, Cuçi anası Börtə merkitlərin əlində əsir olarkən dünyaya gəlib. Börtənin merkitlərin əlində doqquz ay əsir qaldığı və bu müddət ərzində Çilgər-bökö adlı merkitin çadırında yaşadığı məlumdur. Əsirliyinin doqquzuncu ayında Çingiz xan arvadını xilas edərkən Cuçi yenicə doğulmuşdu. Nəzərə alsaq ki, Börtə ilk oğlunu normal doğum vaxtında dünyaya gətirib, onda Cuçinin, əslində, Çingiz xanın qanını daşıdığına şübhə eləməmək lazımdır. Düzdür, sonralar Çingiz xan oğullarını heç vaxt bir-birindən ayırmayıb, lakin ilk övladı olan Cuçiyə də hər hansı xüsusi rəğbət bəsləməyib. Börtənin özü belə, sözsüz ki, Cuçinin məhz Çingiz xandan olduğunu qəti şəkildə söyləyirdi. Buna baxmayaraq, Cuçinin kimliyi haqqında hələ Çingiz xan zamanında monqollar arasında şayiələr dolaşırdı. Ögedey xanın hakimiyyəti dövründə yazılan «Monqolların gizli tarixi» (bundan sonra «Gizli tarix») əsərində merkitlərlə müharibə və Börtənin xilas edilməsi geniş şərh edildiyi halda, Cuçinin doğulmasından bəhs olunmaması çox maraqlıdır…
Cuçi adı monqolca «ev sahibi» (coçi) mənasına gəlirdi. Elə Çingiz xanın qardaşı da eyni adı daşıyırdı. Cuçi adı monqollar arasında çox sevilirdi[2 - Ulu babası Hutula xanın oğlu Coçi ilə yanaşı, Çingiz xanın yaxın adamlarından Coçi-darmala ilə qardaşı Coçi-hasar (Kasar) bu adı daşıyırdı.]. Bu adın Qərbi Hunların (b.e.ə. 48–36) yeganə hökmdarı Çi-çi yabqunun adı ilə eynilik təşkil etdiyini düşünürük.
«Gizli tarix» əsərində Cuçinin ölümü barədə də danışılmır.
***
Çingiz xan ilə böyük oğlu sonuncu dəfə 1223-cü ilin yayında Otrar şəhəri[3 - Otrar şəhəri hazırda Qazaxıstan ərazisində yerləşir (red.).] ilə Talas çayı arasındakı Kulanbaşı adlanan yerdə görüşdülər. Bu tarixdən sonra bir daha atasının yanına getməyən Cuçi ona verilən Sibir, Mərkəzi Asiya ilə Xəzər dənizinə qədər olan Böyük Dəşti-Qıpçaq torpaqlarını idarə etməyə başladı. Əxlaqı və davranışları ilə qardaşlarından hədsiz dərəcədə seçilən Cuçi monqollar tərəfindən dağıdılan bir çox müsəlman şəhərini (məsələn, Xarəzmi) bərpa etməyə çalışmışdı…
Atasının hüzuruna gəlməməsi Cuçi haqqında çoxlu şayiələrin ortaya çıxmasına səbəb oldu. Söz-söhbət gəzirdi ki, Cuçi ona aid torpaqlarda müstəqil dövlət yaratmaq iddiasına düşüb. Həmin şayiə axırda Çingiz xanın da qulağına çatmış və onun narahatlığına səbəb olmuşdu. Ona görə də deyilənləri aydınlaşdırmaq üçün böyük oğlunu hüzuruna çağırmışdı. Lakin Cuçi xəstə olduğunu bildirərək atasının dəvətini geri çevirdi. Çox keçmədən isə qərb əyalətlərindən gələn bir monqol Cuçini ovda gördüyünü söylədi. Bunu eşidən Çingiz xan yayılan şayiələrin doğruluğuna inanmağa başladı. İntəhası qısa müddətdən sonra – 1227-ci ilin fevral ayında Cuçinin ölüm xəbəri yayıldı. Bununla da onun, həqiqətən, xəstə olduğu aydınlaşdı. Üstəlik, təsdiqləndi ki, Cuçinin müstəqil dövlət yaratmaq istədiyi barədə şayiələr də tamamilə əsassız imiş…
Ancaq onu da qeyd eləmək lazımdır ki, Cuçinin atasına qarşı soyuq münasibət bəslədiyi barədə fikirlər heç də boş söz-söhbət deyil. Məsələ burasındadır ki, böyük övlad olduğu halda, atası onu vəliəhd kimi görmürdü. Bu da Cuçinin Çingiz xana soyuq yanaşmasına gətirib çıxarmışdı. Sonralar hətta Cuçinin övladları da atalarına qarşı bu münasibəti əsla unutmayacaqdılar[4 - Ögedeyin vəfatından sonra Cuçinin oğulları Böyük xaqanlığı tamamilə öz əllərinə almaq istədilər. Bu səbəbdən də Cuçinin oğlu Batı xan ilə Ögedeyin oğlu Göyük xan arasında dərin ixtilaf yarandı. Dövlət idarəçiliyinin Çingizin oğlu Tuluyun nəslinə keçməsinə də elə Cuçinin oğulları şərait yaratmışdılar. Onlar daha sonralar isə Kubilayı böyük xaqan kimi tanımayaraq İslamı qəbul etdilər və müxtəlif türk dövlətləri (Məmlüklər və Anadolu bəylikləri) ilə monqollara qarşı birləşdilər.]…
Fransız şərqşünası J.P.Runun yazdığına görə, Cuçi 1182-ci ildən əvvəl anadan olub. Rus şərqşünası V.V.Bartold[5 - Vasili Vladimiroviç Bartold (1869–1930) – rus şərqşünaslıq məktəbinin banilərindən biri (red.)] isə Cuçinin yaşının 1225-ci ildə 40-dan aşağı olmadığı qənaətindədir. Bu hesabla, Bartold onun 1185-ci ildən əvvəl dünyaya gəldiyi fikrindədir. Məlumdur ki, Çingiz xanın təvəllüdü ilə bağlı bir neçə tarix göstərilir. İlk monqol xanının doğum tarixini 1155-ci ildən hesablasaq, onda belə çıxır ki, Çingiz xan birinci dəfə ata olarkən 28-30 yaşlarında imiş. Çingiz xanın 1162-ci ildə dünyaya gəldiyini əsas götürsək, onun 21–23, 1167-ci ildə doğulduğunu qəbul etsək, 16–18 yaşlarında ata olduğu aydınlaşır. Atası ölərkən 9–10 yaşında olan Çingiz, arvadı Börtəni merkitlərdən xilas edəndə 18-20 yaşında idi. Beləliklə, ilk monqol xanının 1173–1175-ci illər arasında evləndiyini və ilk oğlu Cuçinin də bu tarixlərdə dünyaya gəldiyini düşünə bilərik. Nəticə etibarilə dünyasını dəyişərkən Cuçinin 52–54 yaşında olduğunu söyləmək mümkündür.
***
Atasından 6 ay əvvəl vəfat edən Cuçinin ölümü Çingiz xandan sonra Böyük Monqol taxtına çıxacaq namizədlərin sayını üçə endirdi.
Çingizin ikinci oğlu Cağatay idi. J.P.Ru yazır ki, Cuçidən iki yaş kiçik olan Cağatay 1184‐cü ildən əvvəl anadan olub. Cuçinin anadan olduğu tarixi nəzərə alsaq, Cağatayın doğum tarixini 1175–1177-ci illər olaraq göstərmək ağlabatandır. Cağatay 1242-ci ildə vəfat edib və onun həmin vaxt 65–67 yaşında olduğunu yaza bilərik.
Çingizin üçüncü oğlu Ögedeyin anadan olduğu tarix də bilinmir. Onun 1241-ci ildə vəfat edərkən 55 yaşında olduğu bildirilir. J.P.Ru bu tarixi əsas götürərək Ögedeyin 1186-cı ildə dünyaya gəldiyini yazır. Belə olan halda, Cağatay ilə Ögedey arasında 9–11 yaş fərqinin olduğu ortaya çıxır. Ru həmçinin Cağatay ilə Ögedey arasında Börtənin bir qız və bir oğlan uşağı dünyaya gətirdiyini, lakin həmin uşaqların yaşamadığını da bildirir. Məlum olduğu kimi, Çingizin Börtədən dörd oğlu və iki qızı[6 - Bəzi mənbələrdə Çingiz xanın üç, bəzilərində isə hətta beş qızının olduğu göstərilir.] doğulub.
Çingiz xanın axırıncı oğlu Tuluy 1232-ci ildə vəfat edib. Onun həmin vaxt 39–40 yaşlarında olduğu deyilir. Mənbələrə əsasən, 1198‐ci ildə tatarlar 5 yaşlı Tuluya qəsd ediblərmiş. Həmin faktdan çıxış eləsək, Tuluyun 1193-cü ildə anadan olduğunu söyləyə bilərik. Tarixi qaynaqlarda Börtənin Ögedey ilə Tuluy arasında 7 il oğlan uşağının olmadığı qeyd edilir. Bu isə o deməkdir ki, Ögedeyin 1186-cı ildə, Tuluyun 1193-cü ildə anadan olması barədə mülahizələr daha doğrudur. Digər tərəfdən, 1208-ci ildə övladı Məngü dünyaya gələndə Tuluy 16 yaşında idi. Bu da onun 1193-cü ildə anadan olduğunu sübut eləməklə yanaşı, 15 yaşında evləndiyini söyləməyə əsas verir.
Çingiz xandan bir yaş böyük olan, yəni 1154-cü ildə doğulan Börtə axırıncı övladı Tuluyu dünyaya gətirərkən 40 yaşında imiş.
Ümumiyyətlə isə, Börtə 1173/75–1193-cü illər arasında Çingiz xandan 6 övlad (daha da çox ola bilər) dünyaya gətirib. Çingiz xanla Börtənin bütün uşaqları evliliklərinin ilk 20 ilində dünyaya gəlib. Bu məlumatdan çıxış etdikdə Börtənin ilk dəfə 19–21 yaşlarında ana olduğu aydınlaşır.
Yeri gəlmişkən, onu da vurğulamaq lazımdır ki, yuxarıdakı bütün hesablamalar Çingiz xanın donuz ilində, yəni 1155-ci ildə anadan olduğu tarixə görə aparılıb. Yox, əgər bəzi mənbələrin qeyd etdiyi kimi Çingiz xan 1167-ci ildə (yəni növbəti donuz ilində) dünyaya gəlibsə, onda belə çıxır ki, o, axırıncı dəfə ata olarkən (yəni Tuluy doğularkən) 26 yaşında imiş. Cuçinin 1182-ci ildə anadan olduğunu əsas götürsək, bu, inandırıcı görünmür.
Çingiz xanın 1162-ci ildə anadan olduğu barədə üçüncü iddianı doğru saymaq üçün isə, ümumiyyətlə, heç bir əsas yoxdur. Üstəlik, həmin tarix donuz ilinə düşmür. Halbuki tarixi mənbələr ilk monqol xanının məhz donuz ilində dünyaya gəldiyi fikrində həmrəydirlər.
Beləliklə, Çingizin təvəllüdü ilə bağlı ən ağlabatan fikir onun 1155-ci ildə anadan olmasıdır. İlk dəfə ata olması ilə bağlı tarixə gəlincə isə, bu ən tez 1173, ən gec isə 1175-ci ildə baş verə bilərdi…
Ata Məlik Cüveyniyə görə, Çingiz xanın Yesi Bəkidən[7 - Börtənin ləqəbi olan bu söz monqolca «gözəl qadın» mənasına gəlir.] dörd oğlu vardı. Xan hələ öz sağlığında onlara müxtəlif vəzifələr vermişdi. «Böyük oğlu Tuşi (Cuçi) monqollar arasında bəyənilən və etibarlı vəzifələrdən olan ov işlərini idarə edirdi. Ondan kiçik olan Cağataya qanunları qorumaq tapşırılmışdı, Ögedeyə məsləhətçi, Tuliyə (Tuluy) isə ordu komandanlığı vəzifələri həvalə olunmuşdu».
Beləliklə, buradan belə aydın olur ki, Çingiz xanın bütün oğulları dövlət idarəçiliyində yaxından iştirak edirdilər.

Ögedeyin vəliəhd elan edilməsi
Monqolca adı Oqodai olan Ögedey (bəzi mənbələrdə Ugidey), əvvəl də qeyd elədiyimiz kimi, Çingiz xanın dörd oğlundan üçüncüsü idi. Xan hələ sağlığında onu öz vəliəhdi elan etmişdi. Buna görə də Çingizin vəfatından sonra taxta kimin çıxacağı haqqında heç bir mübahisə yaşanmadı.
Çingiz xan ölərkən 72 yaşında idi. O hələ Mavəraünnəhr[8 - Mavəraünnəhr – Orta Asiyada ərazisində, Amudərya (Ceyhun) və Sırdərya (Seyhun) çayları arasında yerləşən tarixi bölgə. Hazırda həmin bölgə Qazaxıstan, Özbəkistan və Türkmənistan arasında bölünmüşdür (red.).] səfəri ərəfəsində öz varisini müəyyənləşdirmişdi.
«Gizli tarix»də vəliəhd seçilməsi ilə bağlı maraqlı bir məlumat yer alır. Həmin məlumat vəliəhdlik məsələsinin ilk dəfə 1219-cu ildə Mavəraünnəhr səfəri zamanı gündəmə gəldiyini təsdiqləyir. Belə ki, səfər ərəfəsində Çingiz xan oğulları, qardaşları, sərkərdələri və xanımları ilə öz çadırında mühüm məsələlərlə bağlı məsləhətləşirdi. Bu zaman Yesui xatun ərindən «bu səfərdə öləcəyi təqdirdə, ulusuna kimin rəhbərlik etmək istədiyini» soruşdu. Çingiz xan bu suala görə Yesuiyə haqq qazandırdı, üstəlik, varislik məsələsini indiyədək bircə dəfə də olsun gündəmə gətirməyən oğullarına, qardaşlarına və sərkərdələrinə irad tutdu. Sonra isə böyük oğlu Cuçiyə çevrilərək onun fikrini öyrənmək istədi. Lakin Cuçi ağzını açmağa macal tapmadı, belə ki, Cağatay sözə qarışıb atasının üzünə dedi: «Cuçiyə söz verməklə onu xələfin elan etmək istəyirsən? O, merkitlərin əsarətində dünyaya gəlib. Necə ola bilər ki, dövlətin idarəçiliyini özündən sonra ona tapşırasan?» Qardaşının bu sözlərindən qəzəblənən Cuçi onun yaxasından yapışaraq təhdid eləməyə başladı. Araya sərkərdələr girdilər: Borçu qalxıb Cuçini, Muhali də Cağatayı sakitləşdirməyə çalışarkən, başqa bir sərkərdə Kokoços söz alıb uzun məsləhətlər verdi. Bütün bunlar baş verərkən Çingiz xan susur, oğullarının davasını səssizcə izləyirdi.
Kokoçosun ibrətamiz çıxışından sonra Cağatay atasına Ögedeyi vəliəhd elan etməsini məsləhət gördü. Buna əsas kimi isə «Ögedeyin sakit təbiətli olmasını» göstərdi. Cağatayın təklifinə öz münasibətini bildirməsi üçün Çingiz xan üzünü yenidən Cuçiyə çevirdi. Cuçi də öz növbəsində Ögedeyin namizədliyi ilə razılaşdığını söylədi. Məclisdə Ögedey ilə Tuluyun da varisliklə bağlı fikirləri soruşuldu.
Beləcə, Çingiz xan üçüncü oğlu Ögedeyi öz vəliəhdi seçdi. Bunda heç də Cağatayın təklifi həlledici rol oynamamışdı. Belə ki, Çingiz xan Ögedeyin sakit təbiətli və ağıllı olması ilə yanaşı, qardaşları arasında balansı qoruyub-saxlamaq bacarığını da nəzərə almışdı. Nəticədə məhz onu öz vəliəhdi elan etməyə qərar vermişdi. Buna baxmayaraq, Çingiz xan gələcəkdə «Ögedeyin törəmələrindən hər hansı biri fərsiz hökmdar olacağı təqdirdə, digər qardaşların törəmələrindən birinin taxta çıxarılmasını» da tövsiyə eləmişdi.
Monqol xanı hakimiyyətinin son çağlarında oğullarına və sərkərdələrinə özündən sonra Ögedeyin hakimiyyəti altında birləşməyi tapşırdı. Bu qərarını axırıncı dəfə ölüm yatağında ikən təkrarladı. Cüveyniyə görə, həmin vaxt Çingiz xan «Cağatay, Ögedey, Ulu Noyon[9 - Noyon – monqollar arasında ən böyük hərbi titul. 10 minlik ordu başçılarına bu titul verilirdi.], Kölgen, Gürşetay və Orxanı yanına çağırıb onlara belə dedi: «Artıq xəstəliyimin sağalmasına ümid yoxdur. İndi aranızdan birinin ölkənin idarəçiliyini əlinə alması və özülü sağlam olan yasaları (qanunları) həyata keçirməsi lazımdır. Əgər hamınız birdən xan olmaq istəsə, çoxbaşlı ilana çevriləcəksiniz. Rahat və sakit həyat keçirmək istəyirsinizsə, söylədiyim şəkildə hərəkət edin. Mənim qərarım dəyişməyib: yerimə Ögedeyin keçməsini istəyirəm. Onu ağıllı, uzaqgörən və təcrübəli olduğu üçün buna layiq bilmişəm. Xalqın rifahı və rahatlığı, ordunun uğuru onun dəyanətli idarəçiliyi sayəsində mümkündür. Buna görə də onu öz vəliəhdim kimi təsdiqləyib, ölkənin idarəçiliyini Ögedeyin uğurlu əllərinə təslim edirəm. Lakin digər oğullarımın bu məsələyə münasibətini bir daha bilmək istəyirəm». Bundan sonra şahzadələr atalarının seçimi ilə razılaşdıqlarını göstərmək üçün diz çöküb vəliəhdə itaətlərini bildirdilər. Sonra isə dedilər ki, «bizim və ordumuzun səlaməti Çingiz xanın verdiyi qərardan asılıdır. Onun verdiyi hər əmr, göstərdiyi hər yol doğrudur».
Bundan sonra Çingiz xan yenidən söz aldı: «Əgər hamınız eyni fikirdəsinizsə, qəlbinizdən keçənlər dilinizdəki sözlərlə eynidirsə, onda məndən sonra Ögedeyi xan olaraq qəbul etdiyinizə, onun əmrlərinə qeyd-şərtsiz tabe olacağına dair bir sənəd imzalayın. Beləcə, sonra bu gün verdiyiniz vədlərdən dönməz və mənim sözlərimdən kənara çıxmazsınız».
Elə həmin gün Ögedeyin qardaşları ona itaət edəcəklərinə dair sənəd (xətt) imzaladılar».
Ölümündən öncə Çingiz xan qərbdə Anadolu ilə Volqa çayına dayanan böyük imperiyasına daxil olan torpaqları oğulları və digər ailə üzvləri arasında bölüşdürməyi də unutmamışdır. Belə ki, ata yurdu (otçigin) türk-monqol adətinə görə, xanın ən kiçik oğlu Tuluya verildi. Monqolların ana vətəni hesab edilən Onon çayı ilə Kerulen çayı arasındakı ərazi onun yurdu elan olundu. Həmçinin imperiya ailəsinə və təxminən 100 minlik monqol ordusuna nəzarət Tuluya tapşırıldı. Çingiz xanın yerinə keçəcək şəxsi rəsmi şəkildə təsdiqləmək üçün böyük qurultayı çağırmaq vəzifəsi də kiçik oğulun üzərinə düşürdü.
Çingiz xan böyük oğlu Cuçinin payına düşən mülkləri isə hələ Xarəzmşahlar ölkəsinə səfərindən sonra müəyyənləşdirmişdi. Dəqiq sərhədləri bilinməsə də, bura Ural ilə İrtış çayları arasındakı torpaqlar, Aral dənizi ətrafı, Sığnaka qədər Sırdərya çayının qərb sahili və Balxaşa qədər olan ərazilər daxil idi. Bir sözlə, imperiyanın ən uzaq və ən geniş topraqları Cuçinin nəzarətinə verilmişdi. Onun atasından əvvəl ölməsi bu bölgünü dəyişdirmədi. Çingiz xan oğluna aid torpaqları onun övladlarına (Orda, Batı, Şiban) bağışladı.
Cuçinin torpaqlarının şərqində yerləşən, Qaraxanlı və Qarakitayların qədim yurdu hesab edilən İli çayı ətrafı, İsıq gölü, Çu və Talas bölgələri isə Cağatayın payına düşdü[10 - Qaraxanilər 840–1212-ci illərdə Mərkəzi Asiyada mövcud olmuş türk, Qarakitaylar isə 907–1211-ci illərdə Orta Asiyada kidanlar tərəfindən qurulan monqol dövləti idi. Kidanlar köçəri monqol xalqı idi və Qarakitaylar dövlətini idarə etmiş Liao sülaləsi də bu xalqa mənsub idi. (red.)]. Mavəraünnəhr və Cağataya aid ərazilərdəki şəhərlər isə birbaşa böyük xanın idarəçiliyinə keçirildi. Böyük xaqana bağlı həmin bölgələr 100 il boyunca uyğur əsilli türk ailəsi olan Yalavaçlar tərəfindən idarə edildi.
Çingiz xanın varisi Ögedeyin mülkü isə Ala göl, Tarbaqatay dağları və Qara İrtış çayı ətrafındakı torpaqlar, Altay dağları ilə Baykal gölü arasındakı ərazilərdən ibarət idi. Həmin ərazilərin mərkəzi qədim türk şəhəri olan İmil idi.
Çingiz xan öz qardaşlarına da geniş ərazilər bağışladı. Onun dörd qardaşı var idi: Haçiun (Kaçiun), Kasar (Cuçi-Xəzər), Belqutay (ögey qardaşı), Temügə Otçigin. Bu qardaşlar arasında Haçiundan başqa, digər üçünə hansı ərazilərin verildiyi məlumdur. Belə ki, Kasara Arqun[11 - Arqun çayı – Şimali Qafqazda indiki Gürcüstan və Rusiya ərazisindən axan çay (red.)] ilə Kayler çayları arasındakı bölgə, Temügəyə Buir-norun cənub-şərqi ilə indiki Koreyanı əhatə edən ərazilər, Belqutaya isə Liao sülaləsinə (Qarakitay) aid torpaqların bir hissəsi (Liao-yanq) şəxsi mülk olaraq verilmişdi. Bu bölgüdə Xorasan, Mazandaran və Azərbaycan yer almasa da, həmin ərazilərin Cuçi ulusuna aid olduğu məlumdur.
***
Bunu da qeyd eləmək lazımdır ki, əslində, hərbi liderlik keyfiyyətləri baxımından Çingiz xanın oğulları arasında onun yerinə keçməyə ən layiqli olan Ögedey deyil, Tuluy idi. Hələ atasının zamanında yekə noyon (ulu və ya böyük noyon) ləqəbini alan və monqollar tərəfindən çox sevilən Tuluy da atası kimi hərbi sistemi mükəmməl bilirdi. Üstəlik, Çingiz xanın vəsiyyətinə baxmayaraq, Ögedey də taxta elə ən kiçik qardaşın çıxmasını istəyirdi.
Lakin qəribədir ki, Çingiz xanın hüzurunda vəliəhdin kimliyi ilə bağlı aparılan məsləhətləşmələr zamanı Tuluyun adı bircə dəfə belə hallanmamışdır. Buna səbəb Tuluyun yaşca ən kiçik şahzadə olması deyildi, siyasi cəhətdən təcrübəsiz, üstəlik, xaraktercə həddən artıq hövsələsiz olması idi. Bundan başqa, Tuluyun şəhər və oturaq həyata nifrətlə yanaşması da onun vəliəhd kimi müəyyənləşdirilməsinə mane olmuşdu.
Ancaq bunu da vurğulamaq lazımdır: böyük qurultayın toplandığı 1228-ci ilə qədər, yəni Çingiz xanın vəfatından sonrakı bir neçə illik dövrdə imperiyanı, əslində, məhz Tuluy idarə etmişdi. Bartoldun fikrincə, kiçik qardaş hakimiyyəti Ögedeyə vermək fikrində olmayıb. Lakin vəzir Yeh-lu Çu-tsai Çingiz xanın vəsiyyətini əsas gətirərək prosesə müdaxilə edib və məhz onun həlledici rolu sayəsində Tuluy geri addım atmalı, böyük qurultayı çağırmalı olub.

Ögedeyin xan seçilməsi
Ögedeyi xan elan edən böyük qurultay nə vaxt keçirilib? Bu sualın cavabı da mübahisə mövzusudur. «Gizli tarix»də qurultayın siçan ilində keçirildiyi bildirilir. Türk-monqol təqvimində siçan ili miladi təqvimə görə 1228-ci ilə təsadüf edir. Cüveyni də böyük qurultayın tarixi kimi hicri 626-cı ili (1228/29) göstərib. J.P.Ru isə Ögedeyin 1229-cu il oktyabrın 11–13-də xan seçildiyini yazır. Runun verdiyi tarix payız fəslinə düşür. Halbuki əksər mənbələrdə qurultayın «yaz fəslində» keçirildiyi bildirilir. «Gizli tarix»də açıq şəkildə qurultayın 1228-ci ildə keçirildiyi qeyd olunsa da, Bartold bu toplantının 1229-cu ildə (öküz ili) gerçəkləşdiyini yazıb. Belə görünür ki, Bartold məşhur tarixçi Rəşidəddinin[12 - Fəzlullah Rəşidəddin (1247–1318) – tarixçi, həkim, dövlət xadimi (red.)] verdiyi məlumata etibar edir. Məsələ burasındadır ki, Rəşidəddin böyük qurultayın öküz ilində baş tutduğunu bildirib. Ən qəribəsi isə odur ki Leo de Hardoq[13 - Leo de Hardoq (1917–2003) – hollandiyalı tarixçi. Orta əsrlərə dair elmi əsərlərin və məqalələrin müəllifidir. Elmi yaradıcılığında monqollar, eləcə də Ön Asiya və Rusiya haqqında araşdırmalar xüsusi yer tutur.] əsərlərindən birinin eyni səhifəsində həmin hadisə (böyük qurultay) haqqında iki tarix (1228 və 1229) göstərib.
Başqa bir müəllif – R.Grousset[14 - Rene Grousset (1885–1952) – fransız tarixçisi. Asiya tarixinə və Şərq mədəniyyətinə dair önəmli araşdırmaların müəllifidir (red.).] də qurultayın 1229-cu ilin yaz aylarında keçirildiyini yazır.
«Gizli tarix»də Çingiz xanın donuz ilində öldüyü, qurultayın isə siçan ilində çağırıldığı bildirilib. Qədim türk təqviminə görə, donuz ili 1228-ci ilin 20-21 martında tamamlanır və bundan sonra siçan ili başlayır. Cüveyninin yazdığına görə, Çingiz xan hicri təqvimlə 624-cü il ramazanın 4-cü günü (1227-ci il avqustun 18-də ) vəfat edib. Böyük qurultay isə həmin tarixdən 8-10 ay sonra çağırılıb. Nəzərə alsaq ki, «Gizli tarix» Ögedeyin zamanında yazılıb, həmin mənbədə hökmdarın taxta çıxdığı tarixlə bağlı yanılma ehtimalı azdır.
Onu da deyək ki, «Gizli tarix»də qurultay mərasimi kifayət qədər təfsilatı ilə təsvir olunub: «Siçan ilində (1228) Cağatay ilə Batının[15 - Batı (1205–1255) – Cuçi xanın böyük oğlu. Monqol imperiyasının bölünməsi nəticəsində 1240-cı ildə yaranan və 1502-ci ildə süquta uğrayan Qızıl Orda dövlətinin qurucusu, eyni zamanda I xanıdır (red.).] başçılıq etdikləri sağ cinah bəyləri, Otçigin noyon, Yegu və Yesunggenin başında dayandığı sol cinah bəyləri, Tuluyun idarə etdiyi mərkəzi qüvvələrin bəyləri, həmçinin xanımlar, kürəkənlər, tümən[16 - Tümən – burada: on min döyüşçüdən ibarət qoşun (red.)] başçıları və minbaşılar hamısı bir yerə toplaşdılar. Onlar Kerulen[17 - Kerulen çayı – indiki Monqolustan və Çin ərazilərindən axan çay (red.)] çayı üzərində yerləşən Kodeu adasında qurultay keçirdilər və Çingiz xanın vəsiyyətinə uyğun olaraq Ögedeyi «xan» elan etdilər. Ögedey xanı böyük qardaşı Cağatay özü şəxsən taxta oturtdu. Bundan sonra Cağatay ilə Tuluy ataları Çingiz xanın şəxsi mühafizəçilərini, yəni Çingiz xanın əmrində çalışmış 10 min mühafizəçini Ögedey xanın əmrinə verdilər. Eyni şəkildə dövlətin mərkəzi idarəçiliyi də ona tapşırıldı».
Ata Məlik Cüveyni isə böyük qurultaydan daha ətraflı bəhs edib. Onun yazdığına görə, qurultaya Qıpçaq ölkəsindən gələn Cuçinin oğulları Orda, Batı, Şibek, Tanqut, Bərkə, Bərkəcək, Toqa-Teymur, həmçinin Kuyaşdan gələn Cağatayla Ögedey, İmildən gələn Məngü xan (Möngü), şərqdən gələn Çingizin qardaşları Otçigin, Belqutay Noyon, Elçitay Noyon, Yeku və Yesüngey, ölkənin hər tərəfindən təşrif buyurmuş əmirlər, noyonlar qatılmışdılar. Ata Məlik də Çingizin kiçik oğlu Tuluyun qurultayının Kerulende topladığını qeyd edir və tədbirin 40 gün davam etdiyini vurğulayır. Buna səbəb isə Ögedeyin ilk günlərdə hakimiyyəti qəbul etməməsi imiş. O, israrla qardaşı yekə noyonun (yəni Tuluy) taxta layiq olduğunu bildirirdi. Hesab etmək olar ki, Ögedeyin taxta çıxmaqdan boyun qaçırması, əslində, siyasi gediş idi. Çünki Çingiz xan onu vəliəhdi olaraq elan edəndə Ögedey buna etiraz etməmişdi. Hər bir halda, qurultay başladıqdan sonra Ögedeyin hakimiyyəti qəbul etməkdən boyun qaçıraraq kiçik qardaşının namizədliyini irəli sürməsi sual yaradır. Axı o, ağlı, fərasəti və təcrübəsi ilə taxta çıxmağa haqqı çatdığını çox yaxşı bilirdi. Digər tərəfdən, heç bir monqolun Çingiz xanın vəsiyyətinə qarşı çıxmayacağından əmin idi. Belədə Ögedey hansı məntiqlə öz yerinə qardaşı Tuluyun namizədliyini irəli sürmüşdü? Bu sualın ən ağlabatan cavabı odur ki o, kiçik qardaşından çəkinirdi. Çünki Çingiz xanın oğulları arasında monqollar tərəfindən ən çox sevilən və rəğbət göstərilən məhz Tuluy idi. Nəzərə alsaq ki, kiçik qardaş qurultayı vəzir Yeh-lu Çu-tsainin təzyiqi altında çağırmaq məcburiyyətində qalıb, o zaman Ögedeyin addımını anlamaq çətin deyil: o, ilk günlərdə hakimiyyəti qəbul etməmək və sonradan qurultayın israrları ilə taxta çıxmaqla öz siyasi nüfuzunu Tuluya faktiki olaraq qəbul etdirib. Bununla, eyni zamanda onun təsir gücünü zəiflədib. Ögedeyin belə bir siyasi manevri Çingiz xanın məhz niyə onu xələf seçdiyinə dair bütün suallara ən yaxşı cavabdır.
Siyenbilərdən[18 - Siyenbi – qədim türk tayfası. Osmanlı sülaləsinin əcdadı hesab edilən qayı boyu məhz siyenbi tayfasından törəmişdir (red.).] etibarən formalaşan türk-monqol adətlərinə görə hökmdarlar «xan» və «xaqan» titulu daşıyırdı. Belə ki, Ju-juan, Göytürk, Uyğur və Xəzər hökmdarları «xan» və ya «xaqan» adını alıblar. Bu ənənəyə əsasən yalnız hökmdarın övladları, qardaşları və xanımları ona öz adı ilə xitab edə bilərdi.
***
Nəticə etibarilə 1228-ci ilin yaz aylarında keçirilən böyük qurultayda Ögedey xan (monqolca xaqan) elan edildi.
Ögedey xan olmağı qəbul etdikdən sonra monqol adətlərinə görə hamı papağını çıxarıb çiyinlərinə qoydu. Qardaşı Cağatay onun sağ, Çingiz xanın kiçik qardaşı olan əmisi Temügə isə sol əlindən tutub taxta oturtdu. Daha sonra Tuluy hakimiyyət rəmzi olan içki qədəhini ona verdi. Elə bu vaxt hamı doqquz dəfə onun qarşısında əyilib diz çökdü.
Beləliklə, Çingiz xanın vəfatından təqribən bir il sonra üçüncü oğlu Ögedey Böyük Monqol dövlətinin başına keçdi.
Grousset iddia edir ki, Böyük Monqol dövləti üçün Ögedeyin varlığı bir o qədər də əhəmiyyətli deyildi. Onun fikrincə, imperiyanı «ağır təbiətli, bir az kobud xarakterli, sərxoş, şən və ürəyiyumşaq, son dərəcə comərd olan, böyük qüdrətini zövqlə içmək və əylənmək üçün xərcləyən» Ögedey yox, Çingizin qoyub getdiyi «yasaq»lar (qanun-qadağalar) idarə edirdi.
Fransız tarixçisinin qənaəti ilə razılaşmaq çətindir. Çünki Çingiz imperiyanın təməllərini atsa da, onu formalaşdıra bilməmişdi. Bunu isə Ögedey bacardı. Üstəlik, imperiyanı formalaşdırmaqla kifayətlənməyərək onun sərhədlərini iki dəfə genişləndirdi. Ən əsası isə, bəlkə də, tarixdə ilk dəfə monqollar üçün bir şəhər inşa etdirdi. Söhbət paytaxt Qaraqorumdan gedir…

II FƏSİL
BİTMƏYƏN SAVAŞ

Koreya və Çin səfərləri
Ögedeyin xan elan edildiyi böyük qurultayda həmçinin dövlətin siyasi, idari və hərbi məsələləri ilə bağlı da ciddi müzakirələr aparıldı. Həmin məsələlər arasında üç problem xüsusilə mühüm əhəmiyyət kəsb edirdi.
Bunlardan birincisi, Koreya və Çindəki vəziyyətin monqolların əleyhinə çevrilməsi idi.
İkincisi, ələ keçirilən İslam ölkələrində durum yaxşı deyildi, məsələn, Cəlaləddin[19 - Cəlaləddin (1199–1231) – Orta Asiyada 1077–1231-ci illərdə mövcud olmuş Xarəzmşahlar dövlətinin sonuncu hökmdarı (red.)] dağılan Xarəzmşahlar dövlətini bərpa etməyə çalışırdı.
Üçüncüsü, Qərb ölkələrinin (Qıpçaq dövləti, Rus knyazlıqları və Avropa) fəthi hələ də tamamlanmamışdı.
Ögedey ilk olaraq birinci problemin həllinə girişdi. Bu, təsadüfi deyildi. Belə ki, məğlubiyyətə uğradılaraq vergi ödəməyə məcbur edilən Koreya yenidən müstəqil hərəkət etməyə başlamışdı. Bu da azmış kimi, təyin olunan vergini ödəməkdən boyun qaçırırdı. Çində isə monqolların elə ilk həmləsi ilə dağılan Kin[20 - Kin – Liao (Qarakitay) dövlətinə məxsus torpaqlarda 1125–1234-cü illər arasında mövcud olmuş dövlət. Çinin şimal-qərb ərazisini əhatə edirdi. Əhalisi türklərdən, monqollardan, manculardan, çinlilərdən, tibet və cürçenlərdən ibarət idi. Kin dövləti Çinin cənub-şərqində yerləşən Sonq dövləti (960–1279) ilə daim müharibələr aparmışdır.] imperiyası yenidən dirçəlməyə çalışırdı. Üstəlik, Çingizin ölümü səbəbindən tanqutlarla[21 - Tanqutlar – qədim xalq. Bu xalq özünü «mi», «minya» adlandırıb. X əsrdə tanqutlar Çinin indiki Qansu və Şansi əyalətlərinin ərazisində Si Sya adlı dövlət yaradıblar və mütəmadi olaraq çinlilərə qarşı uğurla mübarizə aparıblar. Orijinal yazıya malik olan tanqutlar özünəməxsus sivilizasiya yarada biliblər. Lakin 1227-ci ildə monqollar tərəfindən darmadağın edildikdən sonra onların bir hissəsi tibetlilərin tərkibinə daxil olub, digər hissəsi isə monqollar və çinlilərin assimilyasiyasına məruz qalıb (red.).] müharibə də yarımçıq qalmışdı. Bütün bunlar Ögedeyin diqqətini ilk olaraq məhz Koreya və Çinə yönəltməsinə gətirib çıxarmışdı.
1225-ci ildə ilk zərbədə məğlub olub monqol hakimiyyətini qəbul edən Koreya krallığı öncə Çingiz xanın tanqutlar üzərinə səfərini, ardınca isə onun ölümünü fürsət bildi və müstəqilliyini elan etdi. Ölkəboyu 16 yaşdan 60 yaşadək bütün kişilər orduya cəlb olundu, nəticədə 300 minlik yeni ordu yarandı. İşi belə görən Ögedey 1231-ci ildə Sartak Korçi adlı bir komandanı bölgəyə göndərdi. Sartak elə ilk toqquşmadaca Koreya ordusunu darmadağın elədi, ardınca isə paytaxt Sonq-do (indiki Kaesonq) şəhərini tutdu. Lap axırda da ölkəni 72 darğa arasında bölərək geri qayıtdı.
Lakin bu səfərin üstündən bir il keçməmişdi ki, bütün Koreyanı üsyanlar bürüdü. Üsyançılar Sartakın təyin etdiyi darğaların hamısını qətlə yetirdilər. 1232-ci ildə Sartak yenidən Koreyaya səfər etmək məcburiyyətində qaldı. Koreya kralı Seulun qərbində yer alan Kanq-hua adasına qaçdı. Monqollar başsız qalan ölkədə qətliam törətdilər. Lakin bu qətliam koreyalıların gözünü qorxutmadı. Onlar müqaviməti davam etdirdilər, nəticədə Suvan adlanan yerdə baş verən döyüşlərin gedişində Sartak öldürüldü. Monqollar yenidən qaçmaq məcburiyyətində qaldılar.
1236-cı ildə Ögedey növbəti dəfə Koreyaya böyük bir ordu göndərdi. Bu dəfə monqollar ölkəni tamamilə ələ keçirdilər. Lakin fərari Koreya kralı sığındığı adada öz hakimiyyətini davam etdirdi…
***
Monqolların 1223-cü ildə Mukalinin[22 - Mukali (1182–1223) – monqolların ən məşhur sərkərdələrindən biri, Çingiz xanın yaxın silahdaşı (red.)] ölümü ilə nəticələnən Çinə yürüşü ciddi uğursuzluğa düçar olmuşdu. Həmin uğursuzluqdan məharətlə istifadə edən Kin xalqı isə öz növbəsində bir çox əraziləri geri qaytara bilmişdi. Çingiz xan həm Mukalinin intiqamını almaq, həm də Kin dövləti ilə haqq-hesabı biryolluq çürütmək üçün növbəti səfəri təşkil etmək niyyətində idi. Lakin onun vəfatı buna imkan vermədi. Çingiz xan həmin niyyətini ölüm döşəyində yatarkən oğullarına vəsiyyət elədi. Hətta onlara Kin ilə Sonq dövlətləri arasında 100 ildən çoxdur sürən düşmənçilikdən faydalanmağı da məsləhət gördü.
O zamanlar Çində iki güclü dövlət var idi: Kidan və Kin. Bu iki dövlətdən birinin – Kidanın yaradıcıları, əslində, cürçenlər idi. Cürçenlər türk-monqol əsilli ju-juanların davamçısı və Mancuriya (Çində tarixi ərazi) xalqlarından biri hesab edilir. Onlar Asiya tarixinin ən qüdrətli imperiyalarından sayılan Tanq xanədanının zəifləməsindən sonra (IX yüzilliyin əvvəlləri) bölgəni istila etmiş və qədim türk yurdu olan Hunanda məskunlaşmışdılar. Böyük hissəsi çinliləşsə də, cürçenlər hələ də güclü döyüş ruhuna sahib xalq kimi qiymətləndirilirdi.
Beləliklə, 1230-cu ildə Ögedey Kin səfərinə çıxmaq əmri verdi. Ordunu şəxsən onun özü idarə edirdi. Cəsur və döyüşkən qardaşı Tuluy da Ögedeyin əmrində idi. Lakin monqollar səfərin birinci ilində ağır məğlubiyyətlə üzləşdilər. Kin dövlətinin ordu başçısı general Van-yen Yi monqolları öncə Qansunun şərqində, daha sonra isə Vei vadisində üst-üstə iki dəfə məğlubiyyətə uğratdı. İşi belə görən Ögedey böyük sərkərdə Subutayı (Subuqatey) ordu başçısı təyin etdi. 1231-ci ilin yazında yürüşə çıxan Subutay Genq-şianqı ələ keçirdi və kidanlar üzərində qələbə qazandı. Lakin onun yürüşü növbəti döyüşdə Ven-yen Yi tərəfindən dayandırıldı.
Kin üzərində zəfərin asan olmayacağını anlayan Ögedey siyasətə əl atdı – o, Sonq dövlətinə müttəfiqlik təklif etdi. Bu məqsədlə Sonq sarayına göndərilən birinci elçi yolda öldürüldü. İkinci elçi isə böyük çətinliklə də olsa, Sonqa çatdı və monqolların arzuladığı şərtlər daxilində razılaşma əldə edildi. Bundan sonra yenidən ordunun başına keçən Ögedey iki istiqamətdən Kinə daxil oldu. Böyük xaqan öncə Şansiyə hərəkət edib Po-çu şəhərini tutdu, ardınca isə şərq istiqamətində irəliləyib Huanq-honun şimal torpaqlarına girdi. Bu zaman onun qardaşı Tuluy öncədən hazırlanmış plana əsasən 30 minlik süvari qoşunu ilə Sonq torpaqlarından keçərək Kini arxadan mühasirəyə aldı. O, yürüşboyu bir neçə dəfə istiqamət dəyişdirmiş, özünün bu gözlənilməz manevrləri ilə rəqibin diqqətini yayındırmağı bacarmışdı. Düzdür, monqollar hava şəraitinin pis keçməsi səbəbindən xeyli itki vermişdilər, lakin sonda Tuluy öz istəyinə çatmışdı.
Həmin vaxt Ögedey də bir çox əhəmiyyətli yerləri ələ keçirmiş, axırda isə Yeşien yaxınlığında qardaşının ordusu ilə birləşmişdi. Bundan qısa müddət sonra iki qardaş general Ven-yen Yinin əmrindəki cürçen orduları ilə üz-üzə gəldilər. Ven-yenin 15 minlik ordusu Böyük Monqol dövlətinin 50 minlik ordusu ilə amansız döyüşə girdi. Sayca az olmasına baxmayaraq onun döyüşçüləri hətta bir neçə dəfə üstünlük qazandılar. Ven-yen əlində qılınc döyüş meydanında son əsgəri qalana qədər vuruşdu, lakin axşama doğru gücü və qüvvəti tükənmiş halda monqollar tərəfindən əsir alındı. Tuluy əsir komandanı ehtiramla qarşıladı və ona monqol ordusunda xidmət etməyi təklif elədi. Lakin qürurlu komandan bu təklifin alçaqlıq olduğunu dedi və Tuluya rədd cavabı verdi. Həmin cavabdan qəzəblənən Tuluy isə onu öldürdü.
Ven-yenin qətlə yetirilməsindən sonra Kin torpaqlarını müdafiə edəcək sərkərdə, ümumiyyətlə isə, ordu qalmamışdı. Bütün xalq ölkəni tərk edib Kai-fenq adlı şəhərə köçdü və burada monqollara qarşı sonuncu dəfə ölüm-dirim savaşına başladı. Ögedey xaqan Kin hökmdarı Nqai-tsunqa təklif etdi ki, imperator titulundan əl çəksin və təslim olsun. Lakin Kin hökmdarı şərəfli ölümü seçdiyini bildirdi və monqol elçisinin gətirdiyi təklifi qəbul etməkdən boyun qaçırdı. Bu zaman artıq yaz gəlmiş, monqol ordusu da elə kidanlar qədər çətin vəziyyətdə qalmışdılar. Hava şəraiti müharibəni davam etdirmək üçün qətiyyən əlverişli deyildi. Ona görə də Kai-fenq şəhərinin mühasirəsini Subutaya tapşıran Ögedey qardaşı Tuluy ilə birgə dağlara çəkildi.
Kinin paytaxtı 1232-ci ilin may ayında ələ keçirildi. Monqollar böyük çətinliklə şəhərə daxil oldular. Hərb tarixində ilk toplar da məhz burada istifadə edildi. Kinlilərin açdığı atəşlər monqolları dəhşətə salmışdı. Həmin dövrdə yaşamış müəlliflərdən biri «kinlilərin yeri-göyü inlədən toplara sahib olmasından» danışır. Bəs belədə onlar niyə monqollar qarşısında məğlubiyyətə uğramışdılar? Bu sualın cavabı da tarixi qaynaqlarda açıq göstərilib. Məsələ ondadır ki, kinliləri əldən salan monqollar yox, aclıq və xəstəlik idi. Şəhəri bürüyən vəba 900 mindən çox insanın canını almışdı. Kai-fenqdə ölənləri yandırmaq üçün qalanan tonqallar hətta monqol ordugahından aydın görünürdü. Buna baxmayaraq, şəhər qapıları monqolların üzünə açıldığı zaman Kai-fenqdə hələ də 1 milyon insan yaşayırdı.
Subutay şəhərin yerlə-yeksan edilməsinə qərar verdi. Lakin Ögedeyin qarakitay əsilli vəziri soydaşlarının qətlinə qarşı çıxdı və Ögedeydən onların əfv olunmasını istədi. Xaqan vəzirinin sözünü yerə salmadı.
Kinlilərin monqollara qarşı mübarizəsi daha bir il davam etdi və 1234-cü ildə onların dövləti tamamilə süquta uğradı…

Tuluyun ölümü
Monqollar əldə etdikləri böyük qələbəyə, demək olar, sevinə bilmədilər. Belə ki, Kai-fenqin mühasirəsi davam edərkən Ögedeyin ağır xəstə olduğu, hətta can verdiyi xəbəri yayıldı.
Böyük xaqanın ölümü an məsələsi idi. Subutay bu xəbərin orduda yayılmasının qarşısını müəyyən qədər aldı, eyni zamanda qoşunları tələsdirdi ki, şəhəri tez ələ keçirsinlər. Çünki böyük xaqanın xəstəliyinin arxasında inanc məsələsi dayanırdı. Belə ki, Ögedeyi məhz Kidan xalqının sitayiş elədiyi «yer-sub tenqriləri»nin (Yer və Su tanrıları) cəzalandırdığı barədə şayiələr dolaşmağa başlamışdı. Nəzərə alsaq ki, monqollar ruhların qəzəbindən hətta ən amansız düşməndən daha çox qorxurdular, onda həmin şayiə əsgərlərin qulağına çatarsa, nə baş verəcəyini təxmin etmək bir o qədər də çətin deyildi.
Tarixi mənbələrdə yazılanlara görə, böyük xaqanın çadırı ordugahdan aralıda qurulmuş, çadırın ətrafına isə şamanlar[23 - Şaman – ruhlara, magiyaya inanan xalqlarda (əsasən şimal xalqlarında) sehrbaz, ovsunçu, cadugər. Şamanlar oxumaqla, dəf çalıb-oynamaqla özlərini cuşa gətirərək, guya ruhlarla münasibətə girərək adamların xəstəliklərini sağaltdıqlarına, onlara uğurlu ov təmin etdiklərinə və s.-yə inanırdılar.] toplaşmışdı. Bütün müalicələr xaqanın ölü kimi yatan bədəni qarşısında aciz idi. Şamanlar «pis ruhların öz hökmdarlarının bədənini tərk etməsi üçün onlara elə hey qızıl, gümüş, heyvan sürüləri qurban verirdilər».
Pekinin şimalında yerləşən Lanq-yanda xəstələnən Ögedeyi sağaltmaq üçün bütün üsulları sınayan, ancaq heç bir nəticə əldə edə bilməyən şamanlar son varianta əl atdılar. Onlar xəstəliyi hökmdarın canından çəkib çıxaracağına inandıqları suyu taxtadan düzəldilmiş bir qədəhə doldurdular. Elə bu vaxt Tuluy işə qarışdı: o, qədəhi əlinə alıb Göytanrıya belə dua etdi: «Ey əbədi ulu Tanrı! Bilirəm ki, işlədiyimiz günahlara görə bizi cəzalandırır-san. Döyüşlərdə daha çox can aldığım, daha çox uşağı və qadını oxladığım, daha çox atanı və ananı gözüyaşlı qoyduğum üçün bu cəzaya da hamıdan çox mən layiqəm. Yox, əgər qullarından birini gözəlliyinə və fərasətinə görə hüzuruna çağırmaq istəyirsənsə, buna da ən çox layiq olan mənəm. Ögedeyin yerinə məni al. Onun xəstəliyinə son qoy. Ona düçar elədiyin xəstəliyi mənim bədənimə ötür».
Duasını tamamladıqdan sonra Tuluy şamanların hazırladığı suyu içdi.
«Bir neçə gün sonra Ögedey ayağa qalxdı, lakin Tuluy qəflətən öldü» – Fəzlullah Rəşidəddin belə yazır.
Tuluy vəfat edərkən təqvim 1232-ci il oktyabrın 9-nu göstərirdi. Həmin vaxt onun cəmi 39 yaşı var idi.
Şübhəsiz ki, həm Ögdeyin xəstələnməsinə, həm də Tuluyun ölməsinə səbəb şəraba aludəçilik, müasir dillə desək, alkoqolizm idi. Hər gün, üstəlik, bəzən hətta günboyu davam edən içki məclisləri hələ gənc yaşlarından bu iki monqol liderinin sağlamlığına ağır zərbə vurmuşdu. Sağaldıqdan sonra Ögedey bir müddət içməsə də, daha sonra qardaşının ölümünə tab gətirməyib yenidən şəraba qurşandı. Deyilənə görə, o, az qala, hər məclisdə Tuluyu xatırlayıb ağlayaraq qədəhləri bir-birinin ardınca boşaldırdı.
Yeri gəlmişkən, Tuluyun ölümqabağı davranışı «Dədə Qorqud» dastanında da yer alan qədim bir türk inancını xatırladır. Söhbət başqasının yerinə ölməkdən (doliq) gedir. Belə ki, Dəli Domrul onun yerinə ölməsi üçün anasına və atasına müraciət etmiş, lakin rədd cavabı almışdı. Yalnız sevdiyi qadın Dəli Domrulun istəyini qəbul eləmişdi…
Tuluyun ölümü monqollar üçün gözlənilməz oldu. Çingiz xanın kiçik oğlu ordu tərəfindən çox sevilirdi, bu səbəbdən də monqol döyüşçüləri onun itkisindən daha çox sarsıldılar.
Bundan başqa, monqol ənənəsinə görə, başqasının yerinə öldüyü üçün Tuluyun adı qadağan olundu. Çünki onun canını «Yer-sub cinləri» almışdı…

Kin imperiyasının sonu
Ordunun başında dayanan iki qardaş canları ilə əlləşdiyi bir vaxtda Subutay bütün hərbi qərarları təkbaşına vermək məcburiyyətinə qalmışdı. O, Kin imperatoru Nqai-tsunqa sonuncu dəfə xəbər yollayaraq təslim olmağı təklif etdi. Lakin bu dəfə də imperator həmin təklifə rədd cavabı verdi. İşi belə görən Subutay yenidən Sonq xanədanı ilə ittifaq qurmaq məcburiyyətində qaldı. Sonq imperatoru kömək müqabilində Hunan ilə Kia-fenqə sahib olacaqdı. Bu ittifaqdan hələ 100 il əvvəl ovaxtkı Sonq hökmdarı cürçenlərə yardım əli uzatmış, nəticədə cürçenlər Qarakitay dövlətinin varlığına son qoyaraq bu dövlətə aid torpaqları ələ keçirmişdilər. Lakin əvəzində sonqlara heç nə verməmişdilər. İndi isə Sonq xanədanı cürçenləri yox etmək üçün başqa bir şimal xalqına kömək əli uzadacaq, ancaq bu dəfə də həmin yardımın müqabilində istədiklərini əldə edə bilməyəcəkdilər…
Beləliklə, Sonq sərkərdəsi Menq-Hunqun 20 minlik ordusunun köməyi ilə monqollar Kia-fenq üzərinə həlledici hücuma keçdilər. Şəhər şiddətli ox atəşinə tutuldu. Vəziyyətin ağırlaşdığını görən imperator Nqai-tsunq qaçıb başqa bir şəhərdə gizləndi. Ardınca isə sonqlarla sülh danışıqlarına başlamaq fikrinə düşdü. Lakin onun bu niyyəti baş tutmadı. 1233-cü ilin martında Tsui-li adlı Kin sərkərdəsinin xəyanəti nəticəsində Kai-fenq təslim oldu. Şəhərdəki bütün kişilər qılıncdan keçirildi. Qadınlar isə əsir alınıb Monqolustana göndərildilər. Lakin paytaxt tamamilə xarabazara çevrilməkdən qurtuldu – əlbəttə, bu dəfə də Yeh-lu Çu-Tsainin sayəsində!
Onu da qeyd eləmək lazımdır ki, şəhərə monqollardan çox Kinin düşməninə çevrilmiş Sonq xanədanına məxsus qoşunlar zərər vermişdilər. Görünür, sonqlar 100 il ön-cəki pisliyi heç cür unuda bilməmişdilər…
Subutay monqol döyüşçülərindən ibarət xüsusi dəstə təşkil etdi və həmin dəstəni Kin imperatorunu nəyin bahasına olursa olsun, həbs eləmək üçün təlimatlandırdı. Çıxılmaz vəziyyətdə olduğunu görən imperator 1234-cü ilin yaz aylarında intihar etdi. Çox keçmədi ki, kinlərin Hunandakı müqaviməti də uğursuzluqla başa çatdı. Bundan sonra monqollar ilə sonqlar qazandıqları zəfəri Hanq-çuda təntənə ilə qeyd elədilər. Həmçinin göstərdikləri köməyə görə Sonq xanədanı monqollar tərəfindən mükafatlandırıldı: bir çox torpaqlar onlara bağışlandı.
Lakin əvvəldən əldə olunmuş razılığa baxmayaraq Kai-fenqin ixtiyarı sonqlara verilmədi. Bu isə ciddi narazılığa gətirib çıxardı.
Ögedeyin əmri ilə xain sərkərdə Tsui-li də mükafatsız qalmadı – o, xaraba qalmış Kin bölgəsinin valisi təyin edildi.
Monqollar bölgədən geri çəkilməyə başladıqda gözlənilməz xəbər gəldi. Məlum oldu ki, Sonq imperatoru Litsunq (1225–1264) Hunanın monqollara aid torpaqlarını işğal etməyə başlayıb. 1234-cü ilin iyul-avqust aylarında isə sonqlar digər əraziləri, eləcə də Kai-fenqi asanlıqla ələ keçirdilər. Onlar bununla da kifayətlənməyərək, Ögedey tərəfindən təyin edilən vali Tsui-lini öldürməkdən belə çəkinmədilər.
Bir qədər irəli gedib qeyd edək ki, sonralar bu ağılsızlıqlarının cəzasını çox ağır ödəyəcəkdilər…

Çormağunun Azərbaycan səfəri
Koreyanın fəthini Sartaka tapşıran, Çinin fəthini isə öz üzərinə götürən Ögedeyin qarşısında indi başqa bir məqsəd var idi: o, Xarəzmşah Cəlaləddinlə haqq-hesabı çürütməyi düşünürdü. Bu işi isə sərkərdələrindən Çormağun Noyona tapşırmışdı.
Bu o vaxt idi ki, Subutay ilə Cebe Noyonun başçılığı altında monqol ordularının İraqi-Əcəm, Azərbaycan və Dəşti-Qıpçaq səfərinin sona çatmasından sonra, Orta Şərqdə siyasi vəziyyət xeyli ağırlaşmışdı. Belə ki, monqolların geri çəkilməsindən istifadə edən Cəlaləddin Hindistandan Kirmana, oradan da Azərbaycana gələrək Xarəzmşahlar dövlətini bərpa etməyə başlamışdı. İgidliyi ilə Çingiz xanın belə rəğbətini qazanan Cəlaləddin Azərbaycandakı 6 illik fəaliyyəti boyunca bölgəyə nəinki dinclik və sabitlik gətirmədi, əksinə, bu torpaqlarda yaşayan xalqın nəzərində monqollardan daha zalım düşmənə çevrildi. Xarəzmşahın tabeliyindəki adamların özbaşınalığı, onun özünün isə sistemsiz və nizamsız davranışları qısa vaxtda Cəlaləddinin camaat arasındakı nüfuzunu itirməsinə gətirib çıxardı. Halbuki o, monqollara qarşı apardığı mübarizə səbəbi ilə xalqın böyük hörmətini, etibarını qazanmışdı.
Monqolların yenidən Azərbaycana hərəkət etdiyi ərəfədə Xarəzmşah Cəlaləddinin vəziyyəti getdikcə ağırlaşırdı. O, 1230-cu ildə Əyyubi – Anadolu Səlcuqlularının birləşmiş orduları ilə qarşı-qarşıya gəldi. Yassıçəmən[24 - Yassıçəmən adlanan yer indiki Türkiyə ərazisində, Ərzincan yaxınlığındadır (red.).] adlanan yerdə baş verən həmin döyüşdə Cəlaləddin ağır məğlubiyyətə uğrayaraq, az qala, bütün ordusunu itirdi.
Bunun ardınca isə Ögedey 30-40 minlik ordunun komandanı təyin etdiyi Çormağun Noyona əmr elədi ki, Azərbaycana doğru yürüşə çıxsın və Cəlaləddinin bölgədəki varlığına son qoysun. Çormağun Noyon monqolların sünit (suni’it) qəbiləsindən idi. Onun ixtiyarındakı qoşunlara bisutlardan Baycu, karulaslardan Yekə-yisaur, uyğurlardan Məlikşah, Sarıcı, Minq (Min) İgəmiş, arulatlardan Böyük Cağatay, Əsəkü, eləcə də sünitlərdən Kiçik Cağatay başçılıq edirdi. Adları çəkilənlərdən Baycu, Yekə-yisaur və Məlikşah tümən komandanları, digərləri isə minbaşı idi. Elə bunu nəzərə alaraq deyə bilərik ki, Azərbaycana doğru yola çıxan monqol ordusu ümumilikdə 40 minə çatırmış.
Yeri gəlmişkən, Çormağunun başçılığı ilə Azərbaycana ordu göndərilməsi hələ Çingiz xanın vəfatından əvvəl planlanmışdı. Lakin onun ölümü həmin planın təxirə salınmasına gətirib çıxardı.
Çormağun Noyonun ordusu əsasən monqol və türklərdən ibarət idi. Qrabarca[25 - Vaxtilə erməni kilsə dili qrabarca adlanırdı. Dini terminlərin çox olduğu bu dildə əsasən kilsə mənsubları danışırdılar. Qrabarcada danışmağın çətin olduğu nəzərə alınaraq, XIX əsrdə yerəvani deyilən ləhcə əsasında aşxarabar yeni ermənicə yazılı dili və ədəbiyyatı formalaşdırılmışdır.] yazan müəlliflərdən Aknərli Qriqor qeyd edir ki, monqolların Orta Şərq istiqamətində başlayan ikinci hücumuna başçılıq edən tümən və minbaşılar bunlar idi: Asutu Noyon, Cağatay, Sunitay, Kiçik Cağatay, Baycu Noyon, Asar Noyon, Huttu Noyon, Tuttu Noyon, Ogotay Noyon, Xocay Noyon, Hurumçi Noyon, Xunan Noyon, Taynal Noyon və Ənguraq Noyon. Belədə məlum olur ki, Çormağun Noyonun əmrində dörd tümən var idi. Həmin tümənlərdən yalnız biri Türk boylarından – qarluq, uyğur, türkmən və küçətlərdən meydana gəlirdi.
Bir vacib məqamı da vurğulayaq ki, monqol ordusunun əsgərləri ailələri ilə birlikdə hərəkət edirdilər. Çünki onların məqsədi Yaxın və Orta Şərqə yerləşmək idi. Deməli, Çormağun Noyon ümumilikdə təxminən 200 min nəfərlik bir qüvvə ilə səfərə çıxmışdı. Onun başçılıq elədiyi ordu Türküstanı, Xorasanı və Fars əyalətini keçib hicri təqvimlə 628-ci ildə (miladi təqvimlə 1230-cu il noyabrın 9-dan 1231-ci il oktyabrın 28-dək) Azərbaycana gəldi.
Əvvəl də qeyd etdiyimiz kimi, Çormağunun vəzifəsi Xarəzmşah Cəlaləddini ortadan qaldırmaq idi. Bu məqsədlə o, Türküstanı adlayıb Xorasanı, Farsı, İraqi-Əcəmi və Azərbaycanı ələ keçirdikdən sonra Muğan ovasında ordugah qurdu.
Çormağun hələ yolda ikən İsmaili hökmdarı[26 - Həsən Səbbah (1055–1124) tərəfindən Xəzərin cənub sahili əyalətlərindən Təbəristan, Deyləman və Gilan torpaqlarında qurulmuş dövlət. 1090-cı ildə yaranan bu dövlətin varlığına 1258-ci ildə Hülakü xan tərəfindən son qoyulmuşdur. İsmaili adlı şiəlik təriqətinə əsaslandığı üçün belə adlanırdı.] III Məhəmmədin elçiləri onun hüzuruna gəlib Xarəzmşah Cəlaləddinin təzəlikcə Əyyubi və Anadolu Səlcuqluları tərəfindən darmadağın edildiyi xəbərini çatdırdılar. Bunu eşidən monqol sərkərdəsi bir dəstə süvarini təcili şəkildə Cəlaləddinin üstünə göndərdi. Bu vaxt Xarəzmşah Gəncədə idi. O bu şəhərdə Əxi Bəndərin rəhbərliyi altında baş verən üsyanı yatırtmış, sonra da 17 gün orada qalmışdı. Niyyəti buradan Şərqi Anadoluya keçib, oradan da İsfahana getmək idi. Lakin Cəlaləddinin istəyi baş tutmadı: o, yolda monqolların tələsinə düşdü. Bir neçə əsgərdən başqa, ordusundakıların hamısı qılıncdan keçirildi. Xarəzmşah təkbaşına qaçıb aradan çıxa bildi və Əyinbər adlanan bir dağ kəndində gizləndi. Lakin həmin kənddə daha əvvəl Cəlaləddinin öldürtdüyü bir nəfərin qardaşı bundan xəbər tutdu və intiqam məqsədilə 1231-ci ilin avqustunda Xarəzmşahı qətlə yetirdi. Beləliklə, Çormağun öz vəzifəsini düşündüyündən də asan tamamlamış oldu.
Monqol sərkərdəsi Muğanda məskunlaşdığı müddətdə ordusunun bir hissəsini Arana yerləşdirib qalanını Şərqi Anadoluya göndərdi. Məsələ burasındadır ki, monqol hakimiyyətini qəbul etməyən Muğan və Arandakı oğuz-türkmənlər yurdlarını onların gəlişindən qabaq tərk edərək Anadoluya köçmüşdülər.
Çormağun indiki Türkiyə ərazisində yerləşən Diyarbəkiri, eləcə də hazırda İraq torpaqları olan Mosulu və Ərbili yağmalamaq əmri verdi. Lakin bir müddət sonra monqolların sistemsiz (nizamsız) hərəkəti müşahidə edilməyə başlandı. Buna səbəb Çormağunun qoca olması idi. Yaşının çox olması ona çevik hərəkət etmək imkanı vermirdi. Odur ki monqol sərkərdəsi vaxtının çoxunu Aladağ ilə Muğanda kef məclisləri təşkil etməklə keçirirdi. Belədə isə ordu daxilində intizamsızlıq güclənirdi.
Çormağunun başı eyş-işrətə qarışdığı bir vaxtda onun işlərini daha çox arvadı Eltina Xatun görürdü. Bu qadın Çormağunun sarayına gələn elçiləri qəbul edir, onlarla danışıqlar aparır, əmirlərin şikayətlərini və xahişlərini dinləyirdi. Orduya nəzarət isə Baycu Noyona buraxılmışdı. Özündən çox razı və lovğa olan bu şəxsin ən başlıca arzusu böyük bir qələbə əldə edib monqolların böyük xaqanı tərəfindən mükafatlandırılmaq idi. Buna görə də Baycu Noyon bütün diqqətini Anadoluda ələ keçiriləcək mülklərə istiqamətləndirmişdi.
1231-ci ilin payızında monqollar indiki Türkiyə ərazisində yerləşən Diyarbəkir, Bitlis, Mardin, Nusayibin, Habur və digər əyalətləri talan etdikdən sonra Ərbilə qədər gəlmiş, lakin burada Ərbil atabəyi Müzəffərəddin Gök-börünün hücüma keçdiyini öyrənincə geri çəkilməli olmuşdular.
Ömrünün axırlarında hətta qulaqları da eşitməməyə başlayan Çormağunun, demək olar, bütün işlərini Baycu Noyon aparmaqda idi. Rəşidəddin onun haqqında öncə «minbaşı» olaraq bəhs etdiyi halda, 1242-ci il hadisələrindən sonra Baycunu «noyon» adlandırır. Görünür, Baycunun həmin il Anadoluda apardığı işğal siyasəti ona noyonluq titulu qazandırmışdı.
Beləliklə, monqol komandanı Baycu Noyonun əmrində olan 30 minlik ordu 1242-ci ildə Ərzurumu zəbt edib taladıqdan sonra Muğana qayıtdı. Həmin vaxt Anadolu Səlcuqluları onsuz da monqollara tabe olduğu halda, Baycunun bu hücumunun məqsədi və məramı qaranlıq qalır. Rəşidəddinin fikrincə, onun bu hücumu «fateh» adı əldə etmək üçün idi. Həmin dövrün başqa bir tarixçisi – İbn Bibi də Baycunun Anadolu Səlcuqlu torpaqlarını istila etməsini «şöhrət əldə etmək və hərbi bacarığını təsdiqləmək» arzusu ilə əsaslandırır. Bu qənaətlə razılaşmamaq mümkün deyil. Baş verənlərdən aydın görünür ki, Baycu «noyon» titulu qazanmaq üçün Orta Şərqdə xeyli canfəşanlıq eləmişdi…
Bütün bu yaşananlardan sonra monqol istilasının qarşısını almaq üçün bölgədə hərbi hazırlıqlar başladı. Anadolu Səlcuqlu sultanı II Qiyasəddin bütün gücünü səfərbər elədi və Baycunun qarşısına çıxmaq üçün 80 minlik ordu topladı. İndiki Türkiyə ərazisində yerləşən Sivas üzərindən keçib Kösədağ deyilən düzənliyə gələn Səlcuqlu ordusu burada qərargah qurdu və monqol ordusunu gözləməyə başladı. Oğuz türklərindən başqa qıpçaq, gürcü, firəng əsgərlərindən qurulan Səlcuqlu ordusu, əslində, bir o qədər də yaxşı təşkil edilməmişdi, üstəlik, ordunun idarəçiliyi səriştəsiz sərkərdələrə tapşırılmışdı. Misal üçün, o vaxtadək heç bir döyüşdə iştirak etməyən, bununla belə, ordu komandanlığına təyin olunan əmirlərdən biri – Visaq-Başı «Ərzincan və ətrafı monqol qılıncından keçirilərkən biz burada boş yerə vaxt itiririk» deyərək fəryad edir, nəticədə əsgərlərin canına vəlvələ salırdı.
Beləliklə, Baycu Noyonun başçılıq etdiyi və say etibarilə Səlcuqlu ordusunun yarısı qədər belə olmayan monqol qoşunları da bir müddət sonra Kösədağına gəlib çıxdı. Qanlı döyüşün başlaması ilə 20 min nəfərlik Səlcuqlu atlılarının və irəlidəki piyada qüvvələrinin monqollara qarşı hücuma keçməsi bir oldu. Monqollar məşhur Turan taktikasına[27 - Turan taktikası – türklərin qədim döyüş taktikası. Bu taktikaya əsasən ordu döyüş anında mərkəz, sağ və sol olmaq üzrə üç hissəyə ayrılırdı. Mərkəz qüvvələri düşmənə hücum çəkdikdən bir müddət sonra qəfildən geri çəkilir, bu zaman at üzərində ox ataraq döyüşü davam etdirirdilər. Beləcə, geri çəkilən ordunu təqib etməyə başlayan düşmən, sağ və sol cinahlardakı qüvvələr tərəfindən qurulmuş tələyə çəkilir, anidən çevrəyə alınaraq məhv edilirdi. Turan taktikası «Hilal (aypara) taktikası» və «Qurd qapanı» adları ilə də məşhurdur (red.).] əl atdılar: onlar əvvəlcə geri çəkildilər, sonra isə Səlcuqlulara qarşı əks-həmləyə keçərək rəqibi ox və nizə yağışına tutdular. Nəticədə tələyə düşən Səlcuqlu süvariləri bir anda pərən-pərən oldu, vəziyyəti belə görən digər ordu hissələri döyüşü davam etdirmək əvəzinə, qorxub qaçmağa başladı. Sultan II Qiyasəddin bu ağır məğlubiyyəti gözyaşları ilə qarşıladı: ağlayaraq Toqat – Ankara istiqamətindən Antalyaya qaçdı. Müasir Türkiyə tarixçilərinin hamısı «bu qədər biabırçı bir məğlubiyyətin türk tarixində yaşanmadığı» fikrindədir.
Həmin fikirlə razılaşmamaq mümkün deyil. Doğrudan da 80 minlik böyük bir ordu sultanın qorxaqlığı, təcrübəli dövlət adamlarının məsləhətlərinə əhəmiyyət verilməməsi və hərbi idarəçiliyin səriştəsiz əmirlərə tapşırılması ucbatından darmadağın olmuşdu. Özü də düz-əməlli döyüşməyərək!
Beləliklə, hicri təqvimlə 641-ci il məhərrəmin 14-cü günündə (1243-cü il iyulun 3-4-də) qazandığı bu tarixi zəfərlə Baycu öz istəyinə çatdı: o, monqol noyonları cərgəsinə daxil oldu və çoxdan axtardığı şöhrətə qovuşdu.
Qeyd edək ki, Kösədağ döyüşündəki qələbədən sonra Monqollar hər yükün dəyəri 40 min sultani[28 - Sultani – Səlcuqlu dövlətlərində sultanların adına kəsilən qızıl pul] olmaqla 3 min heyvan yükü qədər qənimət ələ keçirdilər. Eyni zamanda monqolların Anadoluda yüz illik hakimiyyəti dövrü başladı.
Baycu sürətlə hərəkətə keçib Sivası sülh yolu ilə, daha sonra da Kayseri və Ərzincanı tutdu. Monqollar xüsusilə Kayseridə dəhşətli qətliam törətdilər. Ələ keçirilən əsirlər Məşhəd bazarlarına aparılaraq orada satıldı. Həmin əsirlərin çoxu qadınlar və cavan uşaqlar idi. Ümumilikdə isə, Kayseridə on minlərlə insanın qətlə yetirildiyi qeyd edilir.
Kösədağ məğlubiyyəti zamanı indiki Türkiyə ərazisində yerləşən Amasyada olan Səlcuqlu vəziri Müxəzzibüddin Əli şəhərin qazısı ilə birlikdə qiymətli hədiyyələr götürərək Azərbaycana yola düşdü. O, Muğana gəlib Çormağun Noyonun hüzuruna çıxdı. Çormağun yaxşı eşitmədiyindən vəzirin söylədiklərini arvadı Eltina Xatun əyilərək onun qulağına çatdırırdı. Danışıqlar zamanı Müxəzzibüddin monqol komandanına dedi ki, Anadolu Səlcuqlularının 100 mindən çox əsgəri və saysız-hesabsız müdafiə qalaları var. Əlavə etdi ki, monqolların bu qədər canlı qüvvə və digər imkanlar qarşısında nəyəsə nail olması mümkünsüzdür. Axırda isə sülh təklifi irəli sürdü. Çormağun Noyon təkliflə razılaşdı. Beləcə, illik 360 min gümüş pul, 10 min qoyun, min dana və dəvə ödəmək müqabilində sülh bağlandı.
Ancaq Anadolu Səlcuqlu sultanı II Qiyasəddin öz vəzirinin bu danışıqlarından xəbərsiz idi. O, Kösədağdakı məğlubiyyətdən sonra Əmir Mübarizəddin Çavlı adlı bir nəfəri şərq əyalətlərinin hakimi təyin etmiş, vəziri Müxəzzibüddin Əlidən xəbər ala bilmədiyi üçün Şəmsəddin İsfahani adlı başqa bir nəfəri yeni vəzir təyin eləmişdi. Ancaq Şəmsəddin İsfahani əvvəlki vəzir Müxəzzibüddin Əlinin öz həyatını təhlükəyə ataraq sülh əldə etmək üçün monqolların yanına getdiyini öyrəndikdə bu təyinatdan boyun qaçırdı. Belə bir vaxtda Müxəzzibüddinin vəzifəsini tuta bilməyəcəyini deyərək vəzirlikdən çəkildi.
Tezliklə vəzir Müxəzzibüddin Əli sülh danışıqlarını tamamlayaraq Konyaya gəldi. Onun monqollarla sülh bağlaması şəhərdə sevinclə qarşılandı. Sultan da bundan məmnun qaldı, mükafat olaraq vəzirinə qiymətli hədiyyələr və iqtalar bağışladı.
Monqollarla sülhü daha da möhkəmləndirmək istəyən II Qiyasəddin çox keçmədi ki, Şəmsəddin İsfahaninin başçılığı altında İdil (Volqa) sahilindəki Saray şəhərinə elçilər yolladı. Həmin vaxt Cuçinin oğlu və Çingizin nəvəsi Batı xan bu şəhərdə qərar tutmuşdu və Azərbaycan da daxil olmaqla İraq-i Əcəmin işlərindən məsul idi. II Qiyasəddin əldə edilən sülh müqaviləsini elçiləri vasitəsilə ona göndərərək təsdiq etdirdi.
Şəmsəddin İsfahani ona verilən tapşırığı uğurla yerinə yetirib geri qayıtdıqdan sonra sultan onu vəzir təyin elədi. Buna səbəb Müxəzzibüddin Əlinin vəfat eləməsi idi. Eyni tarixlərdə, təqribən 1243–1246-cı illər arasında Azərbaycandakı monqol ordularının baş komandanı Çormağun da dünyasını dəyişdi. Onun səlahiyyətlərini isə Baycu Noyon ələ keçirdi. Həmin vaxt Ögedeyin dünyasını dəyişməsi, hakimiyyətin isə onun arvadı Törəgənə xatunun nəzarətinə keçməsi Baycunun işini asanlaşdırmışdı. Belə ki, o, dövlət daxilində yaranmış boşluğu yaxşı dəyərləndirərək Çormağunun yerini tuta bilmişdi.
Tarixçi Ayni hətta Baycu Noyonun «müsəlmanlığı qəbul etdiyini» yazır. Üstəlik, onun «müsəlman əhali tərəfindən çox sevildiyini» qeyd edir. Ancaq bu məlumatın səhihliyi şübhə doğurur. Çünki digər tarixi qaynaqlar Ayninin yazdıqlarını təsdiqləmir.
Yekun olaraq qeyd etmək lazımdır ki, Baycu özündənrazı, şöhrətpərəst, igid və qorxmaz bir əmir idi, qısa müddətdə noyonluğa qədər yüksəlməyi bacarmışdı. O, Azərbaycandakı monqolların baş komandanlıq vəzifəsini 1246-cı ildə Ögedeyin oğlu Göyükün böyük xan seçilməsi və Elçigideyi Muğana göndərməsinə qədər yerinə yetirdi.
Buna baxmayaraq, Baycu bölgədə uzun müddət qaldı – Elxanilər dövlətinin qurucusu Hülakü xanın gəlişinə qədər Azərbaycan, Anadolu, İraq-i Əcəm və Xorasandakı fəaliyyətlərini davam etdirdi…

Qərbə axın
Monqolların 1235-ci il qurultayı yeni hərbi səfərlər haqqında qərarların alınması üçün də böyük əhəmiyyət daşıyırdı. Ögedeyin böyük xan seçildiyi həmin qurultayda Çinin fəthinin tamamlanması, Qıpçaq ölkələrinin, rus knyazlıqlarının və Şərqi Avropanın ələ keçirilməsi, qərarlaşdırılmışdı. Qurultayda böyük sərkərdə Subutayın hesabatı dinlənilmişdi. Bu da səbəbsiz deyildi: Subutay hələ 1229-cu ildə Ögedeyin əmri ilə qərb bölgələrinə kəşfiyyat xarakterli səfərlər təşkil etmişdi. Bu səfərlər Avropanın mərkəzinə qədər uzanacaq yeni fəthlərə hazırlıq məqsədi daşıyırdı.
Qıpçaq ölkəsini, rus knyazlıqlarını və Avropanı əhatə etməli olan yürüşə rəhbərlik Cuçinin ikinci oğlu Batıya tapşırılmışdı. Çünki həmin torpaqlar onun atasının mülkü hesab edilirdi.
Batının əmrində 50 minlik ordu var idi. Bu orduya sonradan Subutay, Cuçinin digər üç oğlu – Orda, Bərkə və Şibək, eləcə də Ögedeyin iki oğlu – Göyük ilə Kadan, Cağatayın oğlu Baydarla nəvəsi Börü, Tuluyun iki oğlu – Məngü və Arıq-Buğa da öz orduları ilə qoşuldular. Beləcə, monqol əsgərlərinin ümumi sayı 120 min nəfərə çatdı.
Qərbə səfər bir çox cəhətdən əhəmiyyətli idi. Belə ki, monqol şahzadələri arasında ilk narazılıqlar, düşmənçiliklər məhz bu səfər zamanı ortaya çıxmışdır.
Bundan başqa, orduda Çingiz xanın iki əsas sərkərdəsinin – Subutay ilə Boroltayın yer alması Ögedeyin həmin səfərə nə qədər böyük önəm verdiyini göstərir. Hətta bəzi mənbələr böyük xaqanın özünün belə bu səfərə rəhbərlik etmək istədiyini yazırlar.
Monqollar səfər planını əvvəlcədən hazırlamışdılar. Həmin plana əsasən ordu iki qoldan hərəkət edirdi. Batı və Subutayın rəhbərlik etdiyi qoşunlar İdil-Bolqar xanlığı[29 - İdil Bolqar xanlığı – Bolqar xanlığının kökü Attilanın kiçik oğlu İrnəkin soyuna gedib çıxır. 600-cü ildə formalaşan bu xanlıq daha sonra üç yerə bölündü. Birincisi İdil və ya Volqa Bolqariyası adlanırdı. İkincisi Dunay Bolqar xanlığı idi. Daha sonra xristianlığı qəbul edən və slavyanlaşan Dunay Bolqariyası indiki bolqarların ortaya çıxmasına səbəb oldu. Nəhayət, üçüncüsü Şimalı Qafqazda yaranan Kuban Bolqar xanlığı idi. 1223-cü ildə İdil Bolqar xanlığı Subutayın ordusuna məğlub olduqdan sonra tarix səhnəsindən silindi.] üzərinə, Məngü ilə Arıq-Boğanın başçılıq elədiyi qoşunlar isə Cənubi Volqa istiqamətində qıpçaqlar ölkəsinə yeriməkdə idi. İlk hədəf İdil Bolqar xanlığı idi. Müsəlman-türk ölkəsi olan İdil-Bolqar xanlığı eyni zamanda Orta Asiya, Şimali və Şərqi Avropa bölgələri arasında ən böyük ticarət mərkəzi idi. Monqollar İdil-Bolqarın paytaxtı Bolqar şəhərini hədəf seçmişdilər. Bunda məqsəd Orta Asiya, Rusiya, Dəşti-Qıpçaq və Avropa ölkələri arasındakı ticari-strateji bağı qoparmaq idi.
1236-cı ilin payızında İdil-Bolqar xanlığı monqolların əlinə keçdi. Bolqar şəhəri[30 - Bolqar şəhərinin xarabalıqları indiki Rusiya ərazisində yerləşən və Tatarıstanın paytaxtı olan Kazan şəhərinin 115 km cənubunda, Volqanın sol sahilindən 7 km uzaqlıqda yerləşir. Həmin yerdə qədim Bolqarskoye, indiki Uspenskoye kəndi mövcuddur.] isə xarabazara çevrildi. İşğal edilən ərazilərin əhalisinin bir hissəsi monqol hakimiyyətini qəbul edərək indiki tatarların formalaşmasında mühüm rol oynadılar. Qalanları isə qaçıb canlarını qurtardılar. Onların çoxu rus knyazlıqlarına sığınaraq Rusiyanın mələzləşmə[31 - Mələz – müxtəlif irqdən törəmiş] (metisləşmə) prosesinə səbəb oldular.
Eyni tarixdə Məngü ilə Arıq-Boğa isə Volqanın cənubunda yerləşən türk tayfalarını məğlub etdilər. Qıpçaqlar ilə müharibədə monqollar bir o qədər də çətinlik çəkmədilər. Qıpçaqların xaqanı Baçman canını birtəhər qurtarıb Volqa çayında bir adaya qaçdı. Lakin monqollar bu çayı da rahatca keçərək həmin adanı tutdular. Məngünün əmri ilə Baçman öldürüldü. Bundan sonra qıpçaqların bir hissəsi qərbə, digərləri isə Azərbaycana, Gürcüstana, oradan da Suriya və Misirə qaçdılar. Ancaq onu da vurğulamaq lazımdır ki, qıpçaqların əsas hissəsi monqol hakimiyyətini qəbul elədilər, bununla da sonrakı dövrdə monqolların türkləşməsinə səbəb oldular. Belə ki, 1240-cı ildə Batı xan Qızıl Orda dövlətinin əsasını qoymuş, lakin həmin dövlət daha çox «Qıpçaq xanlığı» adlandırılmağa başlanmışdı.
1237-ci ilin dekabr ayında Subutayın planı üzrə hərəkət edən monqol ordusu buz bağlamış Volqa çayını keçərək rus knyazlıqlarına məxsus torpaqlara soxuldular. Həmin dövrdə rus knyazlıqları arasında ən güclüsü Suzdal ilə Kiyev hesab edilirdi. Suzdalın başında knyaz Yuri, Kiyevin başında isə knyaz Mixail dayanırdı. Monqolların planı iki knyazlıq arasında mövqe tutaraq Suzdal ilə Novqorodu, Kiyev ilə Çerniqovu bir-birindən ayırmaq idi. Bunun üçün isə slavyanlara qabaqcadan yaxşıca dərs vermək lazım idi. Odur ki ilk hədəf olaraq Ryazan knyazlığı seçildi. Monqollar bu knyazlığa təklif göndərdilər ki, onların hakimiyyətini qəbul etsin və ildə ümumi gəlirin 10 faizi həcmində vergi ödəsin. Lakin Ryazan knyazı nəinki bu təklifi qəbul etmədi, üstəlik, monqollara olduqca kobud cavab verdi. Bu isə sözün həqiqi mənasında fəlakətlə nəticələndi. Monqollar təhqiramiz davranışına görə knyazı çox ağır cəzalandırdılar. Dekabrın 21-də knyazlığın mərkəzi mühasirəyə alındı. Monqollar şəhər ətrafındakı meşələri kəsib tonlarla odun yığdılar. Sonra çinli və müsəlman mühəndislərin hazırladığı mancanaqlarla[32 - Mancanaq – qədim müharibələrdə qalaların divarlarını dağıtmaqdan ötrü daş, yanar maye ilə dolu çəllək və s. atmaq üçün işlədilən mühasirə maşını] beş gün boyunca şəhər divarlarına zərbə endirməyə başladılar. Nəhayət, mühasirənin beşinci günü şəhərə soxulmağı bacaran monqollar nəinki insanları, itlər daxil olmaqla şəhərdəki bütün canlıları qılıncdan keçirdilər. Üstəlik, canlarını qurtaranları təqib etmədilər ki, onlar şəhərdə şahid olduqları vəhşəti başqa yerlərdə danışsınlar, beləliklə, digər knyazlıqlar da baş verənlərdən məlumat tutub dərs çıxarsınlar, qorxuya düşsünlər.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289487) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Merkitlər türk əsilli olub, xristianlığın nəsturilik məzhəbini qəbul etmişdilər. Çingiz xan dövründə Monqolustan ərazisinin ən güclü tayfası sayılan merkitlər bir neçə qola ayrılırdılar.

2
Ulu babası Hutula xanın oğlu Coçi ilə yanaşı, Çingiz xanın yaxın adamlarından Coçi-darmala ilə qardaşı Coçi-hasar (Kasar) bu adı daşıyırdı.

3
Otrar şəhəri hazırda Qazaxıstan ərazisində yerləşir (red.).

4
Ögedeyin vəfatından sonra Cuçinin oğulları Böyük xaqanlığı tamamilə öz əllərinə almaq istədilər. Bu səbəbdən də Cuçinin oğlu Batı xan ilə Ögedeyin oğlu Göyük xan arasında dərin ixtilaf yarandı. Dövlət idarəçiliyinin Çingizin oğlu Tuluyun nəslinə keçməsinə də elə Cuçinin oğulları şərait yaratmışdılar. Onlar daha sonralar isə Kubilayı böyük xaqan kimi tanımayaraq İslamı qəbul etdilər və müxtəlif türk dövlətləri (Məmlüklər və Anadolu bəylikləri) ilə monqollara qarşı birləşdilər.

5
Vasili Vladimiroviç Bartold (1869–1930) – rus şərqşünaslıq məktəbinin banilərindən biri (red.)

6
Bəzi mənbələrdə Çingiz xanın üç, bəzilərində isə hətta beş qızının olduğu göstərilir.

7
Börtənin ləqəbi olan bu söz monqolca «gözəl qadın» mənasına gəlir.

8
Mavəraünnəhr – Orta Asiyada ərazisində, Amudərya (Ceyhun) və Sırdərya (Seyhun) çayları arasında yerləşən tarixi bölgə. Hazırda həmin bölgə Qazaxıstan, Özbəkistan və Türkmənistan arasında bölünmüşdür (red.).

9
Noyon – monqollar arasında ən böyük hərbi titul. 10 minlik ordu başçılarına bu titul verilirdi.

10
Qaraxanilər 840–1212-ci illərdə Mərkəzi Asiyada mövcud olmuş türk, Qarakitaylar isə 907–1211-ci illərdə Orta Asiyada kidanlar tərəfindən qurulan monqol dövləti idi. Kidanlar köçəri monqol xalqı idi və Qarakitaylar dövlətini idarə etmiş Liao sülaləsi də bu xalqa mənsub idi. (red.)

11
Arqun çayı – Şimali Qafqazda indiki Gürcüstan və Rusiya ərazisindən axan çay (red.)

12
Fəzlullah Rəşidəddin (1247–1318) – tarixçi, həkim, dövlət xadimi (red.)

13
Leo de Hardoq (1917–2003) – hollandiyalı tarixçi. Orta əsrlərə dair elmi əsərlərin və məqalələrin müəllifidir. Elmi yaradıcılığında monqollar, eləcə də Ön Asiya və Rusiya haqqında araşdırmalar xüsusi yer tutur.

14
Rene Grousset (1885–1952) – fransız tarixçisi. Asiya tarixinə və Şərq mədəniyyətinə dair önəmli araşdırmaların müəllifidir (red.).

15
Batı (1205–1255) – Cuçi xanın böyük oğlu. Monqol imperiyasının bölünməsi nəticəsində 1240-cı ildə yaranan və 1502-ci ildə süquta uğrayan Qızıl Orda dövlətinin qurucusu, eyni zamanda I xanıdır (red.).

16
Tümən – burada: on min döyüşçüdən ibarət qoşun (red.)

17
Kerulen çayı – indiki Monqolustan və Çin ərazilərindən axan çay (red.)

18
Siyenbi – qədim türk tayfası. Osmanlı sülaləsinin əcdadı hesab edilən qayı boyu məhz siyenbi tayfasından törəmişdir (red.).

19
Cəlaləddin (1199–1231) – Orta Asiyada 1077–1231-ci illərdə mövcud olmuş Xarəzmşahlar dövlətinin sonuncu hökmdarı (red.)

20
Kin – Liao (Qarakitay) dövlətinə məxsus torpaqlarda 1125–1234-cü illər arasında mövcud olmuş dövlət. Çinin şimal-qərb ərazisini əhatə edirdi. Əhalisi türklərdən, monqollardan, manculardan, çinlilərdən, tibet və cürçenlərdən ibarət idi. Kin dövləti Çinin cənub-şərqində yerləşən Sonq dövləti (960–1279) ilə daim müharibələr aparmışdır.

21
Tanqutlar – qədim xalq. Bu xalq özünü «mi», «minya» adlandırıb. X əsrdə tanqutlar Çinin indiki Qansu və Şansi əyalətlərinin ərazisində Si Sya adlı dövlət yaradıblar və mütəmadi olaraq çinlilərə qarşı uğurla mübarizə aparıblar. Orijinal yazıya malik olan tanqutlar özünəməxsus sivilizasiya yarada biliblər. Lakin 1227-ci ildə monqollar tərəfindən darmadağın edildikdən sonra onların bir hissəsi tibetlilərin tərkibinə daxil olub, digər hissəsi isə monqollar və çinlilərin assimilyasiyasına məruz qalıb (red.).

22
Mukali (1182–1223) – monqolların ən məşhur sərkərdələrindən biri, Çingiz xanın yaxın silahdaşı (red.)

23
Şaman – ruhlara, magiyaya inanan xalqlarda (əsasən şimal xalqlarında) sehrbaz, ovsunçu, cadugər. Şamanlar oxumaqla, dəf çalıb-oynamaqla özlərini cuşa gətirərək, guya ruhlarla münasibətə girərək adamların xəstəliklərini sağaltdıqlarına, onlara uğurlu ov təmin etdiklərinə və s.-yə inanırdılar.

24
Yassıçəmən adlanan yer indiki Türkiyə ərazisində, Ərzincan yaxınlığındadır (red.).

25
Vaxtilə erməni kilsə dili qrabarca adlanırdı. Dini terminlərin çox olduğu bu dildə əsasən kilsə mənsubları danışırdılar. Qrabarcada danışmağın çətin olduğu nəzərə alınaraq, XIX əsrdə yerəvani deyilən ləhcə əsasında aşxarabar yeni ermənicə yazılı dili və ədəbiyyatı formalaşdırılmışdır.

26
Həsən Səbbah (1055–1124) tərəfindən Xəzərin cənub sahili əyalətlərindən Təbəristan, Deyləman və Gilan torpaqlarında qurulmuş dövlət. 1090-cı ildə yaranan bu dövlətin varlığına 1258-ci ildə Hülakü xan tərəfindən son qoyulmuşdur. İsmaili adlı şiəlik təriqətinə əsaslandığı üçün belə adlanırdı.

27
Turan taktikası – türklərin qədim döyüş taktikası. Bu taktikaya əsasən ordu döyüş anında mərkəz, sağ və sol olmaq üzrə üç hissəyə ayrılırdı. Mərkəz qüvvələri düşmənə hücum çəkdikdən bir müddət sonra qəfildən geri çəkilir, bu zaman at üzərində ox ataraq döyüşü davam etdirirdilər. Beləcə, geri çəkilən ordunu təqib etməyə başlayan düşmən, sağ və sol cinahlardakı qüvvələr tərəfindən qurulmuş tələyə çəkilir, anidən çevrəyə alınaraq məhv edilirdi. Turan taktikası «Hilal (aypara) taktikası» və «Qurd qapanı» adları ilə də məşhurdur (red.).

28
Sultani – Səlcuqlu dövlətlərində sultanların adına kəsilən qızıl pul

29
İdil Bolqar xanlığı – Bolqar xanlığının kökü Attilanın kiçik oğlu İrnəkin soyuna gedib çıxır. 600-cü ildə formalaşan bu xanlıq daha sonra üç yerə bölündü. Birincisi İdil və ya Volqa Bolqariyası adlanırdı. İkincisi Dunay Bolqar xanlığı idi. Daha sonra xristianlığı qəbul edən və slavyanlaşan Dunay Bolqariyası indiki bolqarların ortaya çıxmasına səbəb oldu. Nəhayət, üçüncüsü Şimalı Qafqazda yaranan Kuban Bolqar xanlığı idi. 1223-cü ildə İdil Bolqar xanlığı Subutayın ordusuna məğlub olduqdan sonra tarix səhnəsindən silindi.

30
Bolqar şəhərinin xarabalıqları indiki Rusiya ərazisində yerləşən və Tatarıstanın paytaxtı olan Kazan şəhərinin 115 km cənubunda, Volqanın sol sahilindən 7 km uzaqlıqda yerləşir. Həmin yerdə qədim Bolqarskoye, indiki Uspenskoye kəndi mövcuddur.

31
Mələz – müxtəlif irqdən törəmiş

32
Mancanaq – qədim müharibələrdə qalaların divarlarını dağıtmaqdan ötrü daş, yanar maye ilə dolu çəllək və s. atmaq üçün işlədilən mühasirə maşını
Ögedey Əkbər N. Nəcəf

Əkbər N. Nəcəf

Тип: электронная книга

Жанр: Биографии и мемуары

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Ögedey, электронная книга автора Əkbər N. Nəcəf на азербайджанском языке, в жанре биографии и мемуары

  • Добавить отзыв