Attila
Erik Deşodt
Tarixi yaradanlar
Attilanın həyatı uşaqlıq illərindən başlayaraq ömrünün sonunadək bir-birindən maraqlı, gərgin hadisələrin müşayiəti ilə keçmişdi. Bu kitab həmin hadisələrə işıq tutan ən yaxşı bioqrafik əsərlərdən biridir.
Erik Deşodt
Attila
Tanrı yolunu azmış xalqları cəzalandırmaq üçün məni göndərib.
Attila
Hunlar
Ölümündən min beş yüz ildən çox vaxt keçsə də, Attilanın adı Qərbdə hələ də olduqca məşhurdur. Bu ad təkcə Roma imperiyasının yüksəlişini və süqutunu araşdıran tarixçilərə deyil, geniş ictimaiyyətə yaxşı tanışdır. Onlar Attila və mənsub olduğu hun xalqı haqqında oxumağa, öyrənməyə böyük maraq göstərirlər. Hərçənd hər ikisinin adı əksər qərblilər üçün qanlı qırğınların, dağıntıların sinoniminə çevrilib.
Əslində, Attiladan öncə də hunlar hər tərəfə lərzə salmışdılar. Bu cəsur, döyüşkən xalqdan söz düşəndə çoxlarının canına vəlvələ düşürdü. Attilanın ortaya çıxması ilə həmin qorxu daha da artdı, son həddə çatdı.
Hunlar Şərqi Sibirdə, Monqolustanın şimalında məskunlaşmışdılar. Onlar Sakit okeandan Atlantik okeana, Çindən Avropaya qədər dörd bir yana hücum çəkmiş, ucsuz-bucaqsız əraziləri ələ keçirmişdilər. Hunların qurduğu imperiyanın sərhədləri xüsusilə Attilanın dövründə daha da genişlənmişdi.
Hunlar dedikdə ağıla ilk növbədə yay və oxla silahlanmış atlılar gəlirdi. Doğrudan da, onlar at sürməkdə, ox atmaqda olduqca mahir idilər.
Türk-monqol mənşəli olan hunlar ucsuz-bucaqsız çölləri at belində ötüb-keçməyi bacarırdılar. O dövrdə bunu bacaran insanlara (deməli, həm də hunlara!) isə az qala fövqəltəbii varlıq kimi baxırdılar.
Yuxarıda onların türk-monqol mənşəli olduğunu yazmışıq, lakin, əslində, bu məsələ hələ də ciddi elmi mübahisə mövzusudur. XIX əsrdən başlayaraq aparılan arxeoloji qazıntılar, eləcə də ortaya çıxan tarixi mətnlər hunların türk kökənli olduğunu göstərməkdədir. Müasir türk tarixçilərindən Əhməd Taşağıl yazır ki, göytürklər[1 - Göytürklər – əfsanəyə görə, qurddan törəndiyi deyilən «aşina» adlı qədim türk qəbiləsinə mənsub olan xalq. Aşina qəbiləsindən olanlara «göydən enmiş türklər» – göytürklər deyirdilər.] hunları öz ataları sayırdılar.
Hunların tarixinə dair dəyərli əsərlərin müəllifi olan görkəmli etnoqraf Lev Qumilyov onların e.ə. IV–II əsrlərdə xalq kimi formalaşdığını yazır. Sonralar bu xalqın tərkibinə Mərkəzi və Şərqi Avropada, habelə Asiyanın şimal-qərbində yaşayan bir çox uqor[2 - Uqor – Şimal-şərqi Avropada yaşayan və eyni dil ailəsini əmələ gətirən fin-uqor xalqlarının bir qolu. Ana vətənləri Ural dağları ilə Volqa çayı arasındakı ərazilərdir.] tayfaları da daxil olmuşdu.
Yeri gəlmişkən, dünya tarixinin ən əhəmiyyətli hadisələrindən biri – Xalqların böyük köçünə[3 - Xalqların böyük köçü – IV əsrdə hun tayfalarının Altaydan Avropaya tərəf yayılması ilə başlanan, 300 ildən çox davam edən yürüş.] təkan verən də məhz hunlar olmuşdular.
1737–1794-cü illərdə yaşamış tanınmış ingilis tarixçisi Qibbon hunları monqollarla eyniləşdirirdi. Başqa bir görkəmli ingilis tarixçisi və publisisti Con Men isə 2005-ci ildə çap etdirdiyi «Attila» kitabında bu fikri qətiyyətlə təkzib edərək yazır: «Bu əsla ola bilməz. Belə ki, hunların məskunlaşdığı əraziyə monqollar 500 il sonra gəlmişdirlər». İngilis alimi fikrini çoxsaylı elmi qaynaqlar, etibarlı mənbələr əsasında apardığı araşdırmalarla əsaslandırır. O təəssüflənir ki, bu günəcən hun dilində hər hansı mətnə rastlanmayıb. Çünki hər xalqın mənşəyi ilk növbədə onun doğma dilində özünü göstərir.
Con Menlə razılaşmamaq mümkünsüzdür: təkcə Attilanın özünün kifayət qədər katibləri olsa da, onun dövründən belə hun dilində hər hansı yazılı mətn günümüzə gəlib çatmayıb. Ən azından elm aləminə bu cür mətn məlum deyil. Hunlardan dil faktı olaraq bizə gəlib çatan vur-tut müəyyən adlardır. Üstəlik, həmin hun adları yüzilliklər boyunca müxtəlif dəyişikliklərə uğrayıblar. Bununla belə, onlar az da olsa, hunların dili barədə təsəvvür yaradır; məsələn, müxtəlif xalqlar tərəfindən fərqli tələffüz edilsə və yazılsa da, Attilanın əmisinin adı «Oktar»dır. «Oktar» isə qədim türkcədə «qüdrətli» mənasını verir. Alimlər bunun təsadüf olmadığı qənaətindədirlər. Belə ki, Attila dövrünün bir çox görkəmli simalarının adı da məhz türk kökənlidir. Attilanın atasının adı Mundzuk, yəni Muncuqdur. Bu ad ümumtürk coğrafiyasında indinin özündə də çox işlənir. Onun digər əmisi Aybarsın, oğlu Ernakın («qəhrəman» deməkdir) adları da həmçinin…
Bundan başqa, hun xanlarından olmuş Qaratonun adının mənası türkcədə «qara və ya böyük donlu, paltarlı» mənasına gəlir…
Eləcə də bir çox hun adlarının sonundakı «qam» əlavəsi onun qam /şaman, yəni ruhani adam olduğunu bildirir.
Macar alimlərindən İştvan Bonun da onunla eyni fikirdə olduğunu qeyd edən Con Men sonda bu nəticəyə gəlir: «Beləliklə, çox güman ki, hunlar türk mənşəli idi və türkcə danışırdılar. Ola bilsin, həmin türkcə monqol dilinə də yaxın idi. Hunların Çin, slavyan və german tayfalarıyla isə heç bir əlaqələri yoxdur».
Maldarlıqla məşğul olan bir çox köçəri tayfalar kimi hunlar da Sibirlə indiki Çin və Monqolustan ərazilərində yerləşən Qobi səhrası arasında yaşayırdılar. Tez-tez başqa tayfalara hücum çəkmək, onların mal-qarasını ələ keçirmək hunların adi məşğuliyyəti idi.
Hunlar Çinə qarşı
Xunnuların adına ilk dəfə e.ə. III yüzilliyə aid Çin qaynaqlarında rast gəlirik. Bu ad hun adı ilə eyniləşdirilir. Baxmayaraq ki fərqli düşünənlər də var.
Çinlilərin haqlarında «xunnu» kimi bəhs etdiyi hunların idarəçilik mərkəzi hazırkı Monqolustanın şimalında, Şərqi Sibirdəki Orhon çayı vadisində yerləşirdi. Orhon çayı Qaraqorum şəhəri yaxınlığında Baykal gölünə tökülən Selenqa çayının qollarından biridir. Hunlardan min il sonra Çingiz xanın üçüncü oğlu Ögedey Qaraqorumu özünə paytaxt eləyəcəkdi. O, Çini işğal etməzdən əvvəl burada şəhər saldırmışdı.
Hunlar Çin imperiyasının şimal əyalətlərinə mütəmadi basqınlar təşkil edir və sayca az olmalarına baxmayaraq bu döyüşlərdə, adətən, qalib gəlirdilər. Çinli süvarilər onların qarşısında sözün həqiqi mənasında aciz idilər: qarşılarındakı atlı döyüşçüləri, demək olar, gözlərini döyərək izləyir, əllərindən heç nə gəlmir, ya güclə canlarını qurtarır, ya da qılıncdan keçirilirdilər.
Həmin dövrdə bu, görünməmiş hadisə idi: belə getsə, qüdrətli bir imperiya nəinki qürurunu, hətta mövcudluğunu itirə bilərdi. Odur ki Çin imperatoru ağlagəlməz addım atdı. O öz süvarilərinə icazə verdi ki, ənənəvi döyüş libaslarını – uzun xalatlarını çıxarıb hunlar kimi şalvar geyinsinlər. Köçərilərin enli şalvarları xüsusilə at belində rahat əyləşmək və hərəkət etmək üçün çox münasib idi. Balaqlar topuqlarını tam örtürdü.
İmperatorun əmrinə tabe olan Çin süvariləri tezliklə bunun bəhrəsini görməyə başladılar: indi onlar da düşmən kimi cəld, çevik hərəkət etməyə başlamışdılar. Di gəl, bu çeviklik hunların öhdəsindən gəlmək üçün yetərli deyildi. Axı çinlilər düşmənləri kimi mahir atıcı – sərrast oxçu sayıla bilməzdilər.
Böyük bir imperiya hunlara qalib gəlmək ümidini itirmişdi. Odur ki vəziyyətdən çıxış yolu kimi Böyük Çin səddinin inşasına qərar verildi. Bu nəhəng sədd onları hunların basqınlarından qorumalı idi.
Səddin tikintisi təxminən e.ə. 215-ci ildə başa çatdı. Lakin o da hun (xunnu) hücumlarının qarşısında aciz qaldı.
Məsələ burasındadır ki, hunlar Böyük Çin səddinin inşasından lap qıcıqlandılar. Basqınlarını artırdılar və e.ə. III əsrin sonlarında öncə indiki Monqolustan ərazisini ələ keçirdilər. E.ə. II əsrin əvvəllərində isə Çin imperiyasının şimal-qərb əyalətlərində Böyük Çin səddi boyunca məskunlaşmış tayfaları darmadağın etdilər. Həmin tayfalar qərb istiqamətinə qaçdılar. Bu, Avropaya üz tutan sonrakı köçəri axınlarının ilk dalğası idi.
E.ə. 161-ci ildə hunlar Sarı çay (Xuanxe) boyunca uzanan Çeş şəhərini tutdular. Xueyçandakı imperator sarayını yandırdılar. Bu o demək idi ki, imperiyanın ovaxtkı paytaxtı Çanqan da təhlükə altındadır.
E.ə. 142-ci ildə Çeşdən şimalda yerləşən İnmen istiqamətindən Çin səddinə zərbə endirən hunlar e.ə. 129-cu ildə isə Pekin ətrafını xarabalığa çevirdilər.
E.ə. 127-ci ildə çinlilər düşmən cəbhəsində yaranmış daxili ixtilaflardan ruhlandılar. Bunu onların zəifləməsinin əlaməti saydılar və əks-hücuma keçərək hun atlılarını indiki Monqolustanın içərilərinə çəkilməyə məcbur etdilər. E.ə. 108-ci ildə çinlilər Transaksoniyaya (indiki Fərqanə vadisi, Özbəkistan) cins atlar almaq üçün xüsusi nümayəndə heyəti göndərdilər. Onlar ümid edirdilər ki, bu cür atlar sayəsində hunların alçaqboylu atlarına dov gələcəklər. E.ə. 102-ci ildə sərkərdə Li Quanli altmış minlik ordusunun otuz minini susuzluqdan yollarda itirmək bahasına Çinə üç min belə at gətirdi.
Təxminən e.ə. I yüzilliyin ortalarında hunlar arasında növbəti parçalanma baş verdi. Bu onların daha da zəifləməsinə gətirib çıxardı. Nəticədə e.ə. II yüzillikdə açılan Böyük İpək yolunun[4 - Böyük İpək yolu – qədim dövrdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan karvan yolu] Tibetdən Balxaş gölünə qədər olan hissəsi üzərində nəzarət Çinin əlinə keçdi. Beləliklə də onlar illərdir düşmənlərinə ödədikləri ağır vergidən canlarını qurtarmış oldular.
Bütün bu uğursuzluqlar hunları ağıllandırmağa kifayət etmədi. Aralarındakı qisasçılıq o həddə çatdı ki, e.ə. 51-ci ildə hun tayfa başçılarından Xuxan-ye öz rəqibi Çeçeyə qarşı Çindən kömək istədi. Lakin cəhdləri nəticəsiz qaldı. Məğlub vəziyyətə düşən Çeçe çarəsizlikdən e.ə. 44-cü ildə qərbə doğru üz tutdu. Burada Hun imperiyası yaratmaq üçün səylərini davam etdirən Çeçeni 8 il sonra Çin sərkərdəsi Çen Tonq yaxaladı, əsir alıb başını kəsdi. Bu, bütövlükdə qərbdəki hunların – qərbi hunların düz üç yüz il boyunca tarix səhnəsindən silinmələrinə gətirib çıxardı.
E.ə. 33-cü ildə Çeçenin uğurlu rəqibi Xuxan-ye şərqdəki köçərilər (şimali hunlar) üçün çox önəmli bir addım atdı: Çin şahzadəsi ilə evləndi. Şimal hunları Çinlə müttəfiq olandan sonra toxtadılar, on illərdir davam edən əzab-əziyyətdən qurtuldular.
Beləliklə, bizim eranın I yüzilliyində şimali hunlar Çindən asılı vəziyyətə düşmüşdülər. Çeçenin tərəfdarları isə indiki Qazaxıstan ərazisində dinməzcə oturmuşdular. Əllərindən heç bir iş gəlmirdi…
Sükut pozulur
Hunların səssizliyi üç yüz il davam etdi. Həm şimali, həm də qərbi hunların oyanışı eyni vaxta təsadüf etdi. Şimali hunlar hiylə işlətdilər: özlərini tamamilə ram olmuş kimi göstərərək Çinə doğru endilər. Qərbdəkilər isə Avropaya tərəf yönəldilər. Hər kəs onları yox olmuş, tarixdən silinmiş hesab edirdi, kimsə hunların tezliklə əvvəlkindən də güclü, qüdrətli şəkildə meydana çıxacağını ağlının ucundan belə keçirə bilməzdi.
311-ci ildə şimali hunlar Çinin keçmiş paytaxtı Loyan şəhərini və Sarı çaya qədər ölkənin bütün şimal bölgələrini tutdular. Qərbi hunlar isə həmin vaxt günbatana doğru uzanan yolda irəliləyirdilər. Onlar Balamirin başçılığı altında Volqa, Don, Dnepr, Dnestr çaylarını keçib Dunaya çatdılar. Yolüstü Xəzər dənizindən şimaldakı Alan ölkəsini, eləcə də Dnepr sahillərindəki german qəbiləsi olan ostqotları və vestqotları məğlub etdilər. Bundan sonra həmin tayfalar daha da qərbə üz tutdular və Avropada öz krallıqlarını yaratdılar. Ostqotlarla vestqotların bu köçü Xalqların böyük köçünün də başlanğıcı sayılır.
Hunlar hər iki tayfanın ardınca düşüb onları təqib etmək əvəzinə macar çöllərində qalmağı üstün tutdular. Həmin çöllər onların keçib gəldiyi bozqırları xatırladırdı. Bu səbəbdən yeni məskənlərində özlərini qərib hiss etmirdilər. İndiki Macarıstan ərazisindəki düzənlik – Puşta, bir növ, rus bozqırlarının, o da, öz növbəsində, Orta Asiya və Monqol çöllərinin davamı idi. Yəni macar çölləri nəhəng bozqır silsiləsinin qərbdəki sonuncu halqası idi. Hunlar, görünür, bunu başa düşürdülər…
Puşta düzənliyinin bir üstünlüyü də vardı: bu çöllük, demək olar, boş qalmırdı. Burada german tayfalarından olan gepidlər məskunlaşmışdılar. Görünür, onlar da gözəl mənzərəli doğma yurdlarından macar çöllüyünə öz xoşları ilə gəlməmişdilər. Yəqin, onları da bura hansısa arzuolunmaz səbəb və ya səbəblər gətirib çıxarmışdı. Məsələ bunda deyil. Məsələ ondadır ki, hunlar çox keçmədən gepidləri asanlıqla özlərinə tabe etdilər və ev işlərinə baxmağı onlara tapşırdılar.
Qərbi hunlar bir neçə onillik boyu burada həyat sürdülər. Asiyanın ucsuz-bucaqsız çöllərinə o qədər alışmışdılar ki, bir müddət sonra Puştada darıxmağa başladılar. Axı bu macar düzənliyi elə də böyük deyildi.
Hun at belində böyükdür
Bəli, hunlar darıxmağa başlamışdılar. Odur ki Avropada Volqadan sonra ikinci böyük çay olan Dunayın digər sahilinə adlayır, burada yaşayan tayfalarla tanış olur, onlarla mehriban münasibətlər qurmağa çalışırdılar.
Di gəl, hunların xeyli nəzakətlə davranmasına baxmayaraq qarşı tərəf özünü fərqli aparırdı. Uzaq şimaldan gələn bu insanların yöndəmsiz sir-sifəti, əyri qılçaları onları çiyrəndirirdi. Bəzi müəlliflərin iddiasına görə, hunların əyin-başı üfunət iyi verərmiş və bu, məqsədli imiş: onlar qəsdən belə eləyirdilər ki, özlərinə qarşı nifrət aşılasınlar. Axı nifrətlə vəhşətin arası cəmi bir addımdır!
Hunların qeyri-adi ənənələri başqalarını dəhşətə gətirirdi; məsələn, oğlan uşağı anadan olan kimi onun yanaqlarını iti xəncərlə dərindən çapırdılar. Gələcəkdə həmin çapıq yerində tük bitmir, beləliklə, uşaq böyüdükcə sifəti xacə sifəti kimi əcaib görkəm alırdı.
Hunların bədəni möhkəm və əzələli idi. Boyunları inanılmaz dərəcədə yoğun olardı. Yabanı otların kökü və yarıçiy heyvan əti ilə qidalanırdılar…
Aclığa, susuzluğa, soyuğa qarşı hədsiz dərəcədə dözümlü olan hunların bütün həyatı çöl-bayırda keçərdi. Onlar evə sığmır, alaçıqlarında və ya daxmalarında, demək olar, tapılmırdılar. Əyinlərinə kətandan və ya çöl heyvanlarının dərisindən tikilmiş paltar geyirdilər. Başlarına içi tüklü börk qoyar, ayaqlarında isə keçi dərisindən çəkmə olardı. Bu cür çəkmələr heç vaxt qəlibə salınmazdı, çünki belədə sərbəst hərəkət edə bilməyəcəklərini düşünürdülər.
Günün böyük hissəsini at belində keçirirdilər. Hətta bəzən elə atın belindəcə yeyib-içir, sonra da onun boynunu qucaqlayıb yatırdılar. Bundan başqa, hər hansı ciddi bir məsələ barədə məsləhət-məşvərət edərkən belə at belində bir araya gəlirdilər.
Tayfa ağsaqqallarının hər bir sözünü yerinə yetirməyə çalışırdılar. Bununla belə, əsla qeydsiz-şərtsiz itaət etməyi sevmirdilər. Xeyli dərəcədə azad ruhlu idilər.
Hun döyüşçüləri savaş zamanı paz şəklində düzülür, irəli atılanda dəli nərə çəkirdilər. Bəzən bilə-bilə döyüş nizamını pozub ətrafa səpələnir, gah sağdan, gah da soldan rəqiblərinə gözlənilməz ağır zərbələr endirirdilər. O qədər cəld, çevik davranırdılar ki, rəqibləri onların nə vaxt və haradan peyda olacağını təxmin belə etmirdilər. Bundan başqa, uzaqdan düşmənə ox yağdırırdılar. Həmin oxların sümükdən ustalıqla hazırlanmış iti ucluqları vardı. Əlbəyaxa döyüşü də əla bacarırdılar, qılıncla vuruşmağı da… Həmçinin kəmənddən məharətlə istifadə edirdilər: beləcə, aradan çıxmağa çalışan düşmən atlısını, yaxud piyadasını asanca ələ keçirirdilər.
Hunlar əkin-səpin işlərindən uzaq idilər. Köçəri həyat onlara ən yaxşı halda maldarlıqla məşğul olmaq imkanı verirdi. Həyatları, demək olar ki, üstü keçə ilə örtülü arabalarda keçirdi. Dinlərdən uzaq dururdular. Kəmhövsələ idilər, özlərindən tez çıxır, tez incidikləri kimi tez də barışırdılar.
Hunlar haqqında bu bilgilərə suriyalı yunan olan və Roma imperatoru Dönük Yulianın[5 - Dönük Yulian – 361–363-cü illərdə Roma imperatoru. Öncə xristian olmuş, lakin sonradan xristianlığın tənqidçisinə çevrilmiş və antik inancları qəbul etmişdi. Dinindən döndüyü üçün tarixdə «Dönük Yulian» kimi qalmışdır.] ordusunda xidmət edən Ammian Marsellinin qələmə aldığı mətndə rast gəlinir. Onun bu yeganə əsəri «Roma tarixi» (və ya, sadəcə, «Tarix») adlanır.
Təxminən 400-cü ildə Romada vəfat edən Marsellinin adıçəkilən əsərində kifayət qədər dəqiq və doğru tarixi məlumatlar yer alıb. Bununla belə, onun şişirtmələri də az deyil; məsələn, o yazır ki, guya hunlar heyvan ətini kətana və s. büküb yəhərin altına qoyurmuşlar. Yol getdikcə atın bədənindən yüksələn hərarət, canından qalxan buğ əti ala-çiy şəkildə bişirirmiş. Sonra da hunlar onu yeyirmişlər. Bunu necə həqiqət kimi qəbul etmək olar?
Digər tarixi qaynaqlarda Marsellinin bu yazdıqlarını təsdiqləyən hər hansı qeydlə rastlaşmırıq. Nə V yüzillikdə yaşamış qalliyalı şair və yazıçı, diplomat Sidoni Apollinari, nə əslən fransız olan Akvitanlı Prosper, nə də romalı diplomat, tarixçi və natiq Prisk bu haqda danışıblar. Üstəlik, Prosper və Prisk Attilanın müasirləri idi və onunla şəxsən görüşmüşdülər.
Bununla belə, Marsellinin hunlar barədə kifayət qədər dəqiq, həqiqət yüklü məlumatları yetərincədir. Elə Sidoni Apollinarinin qeydləri də bu mənada kifayət qədər qiymətlidir. Düzdür, o, hunları xeyli qərəzli şəkildə təsvir edir. Onların burnunu sifətlərindəki yastı bir çıxıntıya bənzədir. Ardınca əlavə edir ki, yanaqları çıxıq, başları isə batıq şəklindədir. «Alınlarının altında sanki göz yox, iki dərin çuxur var… Onlar hətta bu çuxurdan belə ucsuz-bucaqsız genişliyi görə bilir, quyu dibindəki ən xırda əşyaları seçirlər» – Apollinari qeyd edir.
O, hun oxçularının məharətindən isə hətta Marsellindən də həyəcanlı şəkildə danışır: «Böyük yay və uzun oxla silahlanmış hun heç vaxt hədəfdən yayınmır. Kimi nişan aldısa, vay halına, oxu onu öldürəcək!»
Sonda isə bəlağətli şəkildə elan edir: «Hun – piyada ikən kiçikdir, lakin at belində böyükdür!»
Romanın parçalanması
Qərbi hunlar Dunay çayının digər sahilindəki Roma torpaqlarının içərilərinə soxulmağa tələsmirdilər. Onların bu təmkini təəccüb doğurur: axı təbiət etibarilə kəmhövsələ olduqlarını yuxarıda yazmışıq. Hər halda, hunlara xas olmayan səbirliliyin səbəbi qorxu ola bilməzdi. Hunlar hara, qorxu hara!
Üstəlik, bir müddət əvvəl onların qabaqlarına qatıb qovladıqları vestqotlar 378-ci ildə Roma ordusunu darmadağın etmişdilər. Bu da azmış kimi Roma imperatoru Valent indiki Türkiyə ərazisində yerləşən Ədirnə şəhəri (ovaxtkı adı Adrianopol) yaxınlığında baş tutan həlledici döyüşdə həlak olmuşdu. Vestqotlar Frakiyada[6 - Frakiya – Cənub-Şərqi Avropada Bolqarıstan, Şimal-Şərqi Yunanıstan və Türkiyənin Avropa qitəsindəki torpaqlarını əhatə edən tarixi bölgə] və Konstantinopolun (indiki İstanbulun) bir addımlığında əməllicə meydan sulayırdılar. Balamirin başçılığı altında olan hun atlılarının əlindən qurtulmağa çalışarkən itirdiklərinin əvəzini birə yüz qat çıxırdılar.
Yaxşı, vestqotlar bunu bacardığı halda doğrudanmı hunların əlindən heç nə gəlməzdi? Əlbəttə, gələrdi. Həm də artıqlaması ilə! Bəs onlar nəyi gözləyirdilər? Böyük ehtimalla hunlar daha əlverişli məqam gözləyirdilər. Ola bilsin, səbəblərdən biri də vestqotlara məğlubiyyətdən sonra Roma imperiyasının qısa vaxtda özünə gələ bilməsi və daha da güclənməsi idi. Unutmayaq ki, Valentin ölümündən sonra taxta I Feodosi çıxmışdı. Yeni imperator mahir hərbçi idi və təsadüfi deyil ki, tezliklə «Böyük Feodosi» kimi ad çıxaracaqdı.
O, 380-ci ildə bütpərəstlərin təqibinə və xristianlığı gücləndirməyə başladı. Özünə qarşı müxalifləri sərt şəkildə cəzalandırdı. Təsəvvür edin ki, qətlə yetirilmiş sərkərdələrindən birinin qisasını almaq üçün nə az, nə çox, düz yeddi min salonikilini[7 - Saloniki – e.ə. 315-ci ildə Makedoniya hökmdarı Kassandr tərəfindən əsası qoyulmuş yunan şəhəri] edam etdirmişdi.
Hunlara gəlincə I Feodosi gələcək təhlükəni indidən görürdü, odur ki onların arasına ixtilaf salmaq üçün dəridən-qabıqdan çıxırdı. Bu gediş öz bəhrəsini verdi: hunların arasında parçalanmalar yarandı və Roma dərindən nəfəs aldı.
Nəhayət, 394-cü ildə Böyük Feodosi qərar verdi ki, ölümündən sonra imperiyanın ərazisi iki oğlu arasında bölüşdürülsün. Onun vəsiyyətinə görə, kiçik oğlu Arkadi paytaxtı Konstantinopol olmaq şərtilə Şərqi Romaya hökmranlıq edəcəkdi. Böyük oğlu Honori isə Roma və Ravenna şəhərləri daxil olmaqla imperiyanın qərbinə sahib çıxacaqdı.
Bundan dörd ay sonra, 17 yanvar 395-ci ildə Böyük Feodosi Milanda vəfat etdi.
Elə həmin ildə dünyaya Attila gəldi. O böyüyəcək və Feodosinin vəsiyyəti ilə ortaya çıxan iki imperiya ilə savaşmalı olacaqdı.
Attila kim idi
Attila hökmdar soyundan gəldiyini iddia edirdi. Di gəl, onun mənsub olduğu xalq yetkin idarəçilik anlayışından uzaq idi. Elə isə, Attila hökmdar soyundan gəldiyini söyləyərkən nəyi nəzərdə tuturdu? Bəlkə, atasının – Mundzukun (Muncuqun) bir neçə tayfaya başçılıq etməsini?
Məsələ burasındadır ki, V əsrin əvvəlində Balamir dünyasını dəyişdi. Bundan sonra Puştadakı hun ordasını[8 - Orda – türk və monqol xalqlarında hərbi-inzibati təşkilatlanma forması; köçəri düşərgəsi] dörd qardaş idarə edirdi: Oktar, Ruas, Aybars və Mundzuk. Onlar Roma imperiyası ilə mehriban münasibətlər qurmağı bacarmışdılar. Nəticədə tərəflər dinc şəraitdə yaşayırdılar.
Düzünə qalsa, bu vəziyyət qardaşlardan ən böyüyünün – Oktarın heç də ürəyincə deyildi. O, Romaya qarşı mülayim münasibəti həzm edə bilmirdi. Buna görə də tez-tez qardaşları ilə sözü çəp gəlirdi. Çox keçmədən Oktar onların acığına tez-tez Dunayın qarşı sahilinə keçməyə, qotlar və burqundlar üzərinə hücum etməyə başladı. Hər iki tayfa romalıların müttəfiqi hesab olunurdu.
Qardaşlar arasında Mundzuk iti mühakiməsi ilə seçilirdi, odur ki əsas söz sahibi sayılırdı. Aybars, belə demək mümkündürsə, «daxili işlər»lə məşğul idi. Ruas isə «ali hökmdar» hesab olunurdu: başqa dövlətlərlə danışıqlar aparır, xüsusən Qərbi Roma imperatoru Honori ilə dostluq əlaqələri qururdu.
Eyni vaxtda başqa bir hun ordasının başçısı Uldin də romalılarla müttəfiqliyə can atırdı. O elə hey imperatora öz xidmətlərini təklif edir və onun dəstəyi ilə daha da güclənməyə ümid bəsləyirdi. Lakin Qərbi Roma hökmdarı Uldini yaxına buraxmaq istəmirdi.
Attilanın uşaqlığı və yeniyetməliyi bu cür gərgin, maraqlı hadisələr fonunda keçmişdi.
Əlbəttə, kitabımızın sonrakı səhifələrində biz bu qüdrətli hun haqqında ətraflı danışacağıq. Lakin bəri başdan bir neçə qeydi oxucuların ixtiyarına çatdırmağı önəmli sayırıq: Attila Uraldan Dunayacan uzanan geniş ərazidə böyük bir imperiya yaratmışdı. Cəmi bir neçə il ərzində iki böyük dövləti diz çökdürmüşdü. Qərbə sonuncu yürüşü ərəfəsində 58 yaşında vəfat etmiş, ölümü ilə birlikdə qurduğu imperiya da dağılmışdı. Hunlar isə tarix səhifələrindən biryolluq silinmiş, az qala əfsanəyə dönmüşdülər.
Müasirləri, Attilanı öz gözləri ilə görənlər onun zahiri görkəmini belə təsvir ediblər: iri başı varmış, sifəti üçbucaqlını xatırladırmış. Keçi saqqalına bənzər sivri saqqal saxlayırmış. Baxışı iti, kürəyi xeyli enli imiş.
Şahidlər təsdiqləyir ki, o, yunanca və latınca danışa bilirdi. Qaniçənliyinə gəlincə isə deyirlər ki, nə qədər qəddar olsa da, bu məsələdə Roma imperatorlarının çoxuna çatmazmış. Halbuki onların əksəriyyəti nə ağılda, nə də igidlikdə Attilanın tayı belə deyildilər.
Attila hərbçidən daha çox diplomat idi. Dostluğa sədaqəti, qadınlara qarşı nəzakəti, ailə başçısı kimi qayğıkeşliyi və həlimliyi də öz yerində…
Dini dünyagörüşü etibarilə dədə-babalarının inanclarına sadiq idi. Həmin inanca görə, hunların əcdadı boz qurd idi. Min il sonra Çingiz xan da öz kökünün boz qurddan gəldiyinə inanırdı. Müasir monqollarda bu inanc hələ də yaşamaqdadır.
Başqa sözlə, o, Allaha inanmırdı, lakin inananlara qarşı da dözümsüz yanaşmırdı. Əbəs yerə demirlər ki, Attila çox qan töküb, ancaq dini baxışlarına görə bir nəfəri də cəzalandırmayıb.
Attilanın kimliyini ifadə eləmək üçün «böyük siyasətçi» ifadəsi belə çox acizdir. Onun şəxsiyyətinin cazibəsindən çıxmaq nəinki çətin məsələ idi, hətta mümkün deyildi…
Attilanın doğuluşu
Hunların ən qüdrətlisi olan Attila 395-ci ildə Avropanın mərkəzində, Dunayın sol sahilində, müasir Avstriyanın Lints şəhərindən şimalda ağacdan tikilmiş sarayda dünyaya gəlib. Böyük alman bəstəkarı Motsartın (1756–1791) simfoniyalarından biri bu şəhərin şərəfinə eyni adı daşıyır. Attilanın 58 illik ömür yolunun böyük hissəsi də elə orada keçəcəkdi.
Bir az irəli gedib yazaq ki, Attila heç də hündürboylu olmayıb. Hardasa bir metr altmış santimetr olardı… Yanaqlarında təkəmseyrək tüklər vardı. Ancaq çənəsinin altındakı saqqalı sıx idi. Çuxura düşmüş kimi qara gözləri vardı, lakin baxışları iti idi. Bir sözlə, elə də yaraşıqlı deyildi. Fransız yazıçısı Barbe d’Orevili (1808–1889) deyirdi ki, «kişi o vaxt gözəl olur ki, atı heç nədən qorxmasın». Bu mənada hunları yaraşıqlı saymaq olar – axı onların atları da özləri kimi qorxu nədir bilməzdilər!
Attila sifətcə bir az arıq idi, lakin üzünə baxınca nə qədər ağıllı-kamallı biri olduğunu hiss etmək elə də çətin deyildi.
Onun körpəliyi haqqında əlimizdə kifayət qədər məlumat yoxdur. Lakin sonradan özünün müasirlərinə danışdığı adda-budda epizodlar bu barədə bizdə az da olsa, təsəvvür yaradır. Belə nəticəyə gəlmək olar ki, Attilanın uşaqlığı atasınınkından xeyli fərqli keçib. Yəqin ki, Mundzuk köç yollarında üstü keçə ilə örtülmüş arabada doğulmuşdu. Attila isə sarayda dünyaya gəlmişdi – baxmayaraq ki bu saray ağacdan tikilmişdi və dəbdəbədən uzaq idi!
Gələcəyin böyük fatehi erkən yaşlardan at çapmağı öyrənmiş, eləcə də ox və kəmənd atmaq vərdişlərinə yiyələnmişdi. Bundan başqa, bıçaqdan da məharətlə istifadə edirdi. İllər keçdikcə ov ovlamağa, balıq tutmağa olan həvəsi artırdı. Eyni zamanda yazmağı, oxumağı və saymağı da bacarırdı. Latın və yunan dillərini bilir, əlinə keçən bütün kitabları oxuyurdu. Ümumiyyətlə, öyrənməyə böyük marağı və həvəsi vardı. Həmişə yeni biliklərə can atırdı.
401-ci ildə Attilanın vur-tut altı yaşı olarkən atası vəfat etdi. Əmisi Ruas onu oğulluğa götürdü. Qaynaqlarda Attilanın anası haqqında bir kəlməyə də rast gəlinmir. Nə onun adını bilirik, nə də neçə il yaşadığını…
Ruas Roma ilə dost münasibətlərini qoruyub saxlamağa xüsusi əhəmiyyət verirdi. O, imperator Honorinin «sağ əli» sayılan Stilixona təklif etdi ki, onun sarayına özünün ən yaxın adamlarını göndərsin. Bununla Ruas Roma ilə müttəfiqlik əlaqələrinə sədaqətini nümayiş etdirmək fikrində idi. O dövr üçün bu, adi hal sayılırdı və «şərəfli zaminlik» (girovluq) adlanırdı.
Romada da bəziləri belə hesab edirdi ki, hunlar artıq «ağıllanıblar», bundan başqa, oturaq həyata keçmək və dinc yaşamaq istəyirlər. Bunu öz gözləri ilə görmək və tam əmin olmaq üçün Stilixon təklifi qəbul etdi. Aetsi adında on beş yaşlı bir gənci hunların sarayına yolladı.
Aetsi
Aetsinin 390-cı ildə Qərbi Roma imperiyasının tərkibindəki Pannoniyada (indiki Macarıstanda) anadan olduğu güman edilir. Pannoniya Puştaya olduqca yaxın idi. Vaxtilə Balamirin qoşunları on beş il orada qalmışdı.
Düzü, Aetsinin məhz Pannoniyada doğulduğunu da qəti söyləmək mümkün deyil. Belə ki, bəziləri onun Moziyada (indiki Serbiya və Bolqarıstan ərazilərindən, eləcə də Rumıniyanın Dunay çayından cənubdakı torpaqlarından ibarət tarixi bölgə), bəziləri isə Romada dünyaya gəldiyini iddia edirlər. Təəccüblü deyil: tarix bəzən çoxsaylı fərziyyələr üzərində qurulur.
Aetsi gəncliyini Pannoniyada keçirib. Həmin vaxt atası Qaudensi burada süvari ordunun qoşun başçılarından idi. Sonra Afrikada canişinlik, ardınca da Qalliyada (müasir dövrdə başda Fransa olmaqla Qərbi Avropanın böyük bir hissəsinə tarixdə verilən ad – red.) sərkərdə olmuşdu. Təqribən 403-cü ildə Qalliyada baş verən qiyam zamanı öldürülmüşdü.
Aetsi hələ uşaqlıqdan hunların bütün həyatına bələd idi və onların dilində danışa bilirdi. Anası zəngin və əsilli-nəsilli Roma xanımı idi.
Aetsi Hun sarayına göndərilənədək artıq bir dəfə də «şərəfli zamin» olmuşdu: vestqotların başçısı Atanarixin yanında girov saxlanılmışdı. Bu isə ona diplomatiyanın sirlərini öyrənməkdə xeyli kömək etmişdi.
405-ci ildə Aetsi Ruasın sarayına göndərildi. Onun gəlişi xüsusilə Attilanın ürəyincə oldu. Aralarındakı yaş fərqinə baxmayaraq tezliklə dostlaşdılar. Düz yarım əsr boyunca Roma və Avropanın, eləcə də Uraldan Dunayacan səpələnmiş bütün hunların taleyi bu tarixi dostluqdan asılı olacaqdı.
Aetsi və Attila – iki sehrbaz kimi idilər. Onlar öz çeviklikləri, ağılları, cəsarətləri ilə bir-birini məəttəl qoymağa çalışır, lazım gələndə bir-birinə heç düşünmədən güzəştə gedirdilər. Belə qarşılıqlı güzəştlər bəzən onların hansısa ciddi bir planını həyata keçirməyə mane olurdu. Ancaq onlar dostluqlarını hər şeyin fövqündə görür və bir-birinə nəyisə güzəştə getməkdən çəkinmirdilər.
Gənc romalı çox keçmədi ki, hunların sarayında böyük rəğbət qazandı, hətta Ruasın ən yaxın məsləhətçisinə çevrildi. İndi o, sadəcə, «şərəfli zamin» deyildi, bundan qat-qat artıq imtiyaz qazanmış nüfuzlu saray adamı idi.
408-ci ildə Honori ilə ittifaqa soyuq baxmağa başlayan Ruas bu dəfə Konstantinopolla müttəfiqlik qərarına gəldi və Şərqi Roma imperiyası ilə dostluq sazişi bağladı.
Həmin vaxt Honorinin qardaşı Arkadi təzəcə ölmüşdü. Atasının yerinə taxta keçən II Feodosi hunlar üçün ciddi təhdidə çevrilmişdi. Ruas təhlükənin ciddiliyini yaxşı anlayır, bunun böyük faciələrə səbəb ola biləcəyini aydın görürdü. Qərbi Roma isə bu məsələdə hunlara arxa durmaqda həvəsli deyildi. Honori ilə ittifaqdan məyus olan Ruas özünə yeni və güclü müttəfiq gəzirdi. Məhz belə bir vaxtda Aetsi ona elə II Feodosinin özü ilə yaxınlaşmağı məsləhət gördü.
Məsləhət hunların başçısının ağlına batdı. Şərqi Roma imperatoruna elə bu lazım idi: o, dərhal Ruası Roma ordusuna sərkərdə təyin etdi, illik 350 libr (Romada qızıl pul vahidi – red.) maaş kəsdi. Bundan başqa, sazişə görə, hunlarla romalılar arasında sərhəd əvvəlki təki Dunay çayı olaraq qalacaqdı. Eyni zamanda hunlar üzərlərinə xüsusi icazə olmadan çayı keçməmək öhdəliyi götürmüşdülər. Ruas bu şərtlərin hamısı ilə razılaşdı və sazişi imzaladı.
Aetsinin yaşca özündən xeyli kiçik olan Attila ilə yaxın dostluğunun sirri nə idi? Ola bilərdimi ki, «şərəfli zamin» bu uşağın on illər sonra ortaya çıxacaq dühasını indidən sezmişdi? İlk baxışda bu, bir o qədər də inandırıcı deyil; çünki Attila qətiyyən vunderkind – qeyri-adi istedad sahibi təsiri bağışlamırdı. O nə Makedoniyalı İsgəndər idi, nə də Napoleon Bonapart… Bu iki böyük sərkərdənin parlaq zəkası hələ kiçik yaşlardan bəlli idi. Attilanın müstəsna istedadı və bacarıqları isə qırx yaşına yaxın üzə çıxdı. Bu yaş o zamanlar böyük işlərə başlamaq üçün xeyli gec sayılırdı.
Ancaq, hər halda, Aetsi Attilada gələcəyə dair müəyyən işıqları sezməyə bilməzdi: on yaşında at çapmağı hələ təzə öyrənərkən mahir şəkildə ox atmağı bacarır, latınca bir neçə söz bilirdi. Aetsi bu uşağın digərlərindən yaxşı mənada xeyli fərqləndiyini hiss edirdi.
Attila isə başa düşürdü ki, Aetsidən çox şey öyrənə bilər. O öyrənməyə, bilik, təcrübə əldə etməyə meyilli idi və başa düşürdü ki, romalı girov bu mənada onun üçün ələkeçməz fürsətdir.
Nəticədə Aetsi bildiyi nə vardısa, hamısını Attilaya öyrətdi. Bundan başqa, ona latın və yunan dillərini öyrədən ayrıca müəllim təyin etdi. Həmin vaxtadək hələ heç bir hun Avropanın bu iki aparıcı dilində danışmamışdı.
Aetsi hunların yanına gəldikdən sonrakı üç il ərzində onunla Attila arasında dostluq bağları həddən artıq möhkəmləndi. İndi onlar bir-biri üçün əziz, doğma adamlara çevrilmişdilər. Onlar, demək olar, bütün günü Puşta bozqırlarında gəzib-dolaşır, eyni zamanda gələcəyə dair böyük xəyallarla yaşayırdılar. Macar çöllüyü onlara dar gəlirdi, nəzərləri daha uzaqlara zillənirdi…
«Tanrının qırmancı»
Çox keçmədi ki, hadisələr gözlənilməz istiqamətdə inkişaf etməyə başladı: vestqotlar Roma üzərinə hücuma keçdi. Onların ordusu sayca o qədər çox idi ki, Stilixon hun süvarilərinin başçılarından – Uldindən kömək istəməyə məcbur oldu. Ruasın rəqibi olan Uldinə də elə bu lazım idi. O belə bir xahişi çoxdan gözləyirdi. Bu səbəbdən də Stilixonun xahişinə dərhal müsbət cavab verdi. Uldinin qoşunları indiki İtaliyanın Florensiya şəhəri yaxınlığında vestqotları məğlub etdi. Vestqotların başçısı Radaqast əsir düşdü və sonradan boynu vuruldu.
406-cı ildə Volqa və Don ətraflarında məskunlaşan başqa bir qədim türk tayfası – alanlar hunlara tabe olmaqdan boyun qaçırdılar. Hunlar tərəfindən əməlli-başlı istismar olunan alanlar Alp dağlarına doğru hərəkət etdilər. Onlar Alp dağlarındakı göllərin ən böyüyü olan Cenevrə gölü ətrafında yüz il öncə hunlardan qaçmış tayfadaşlarıyla rastlaşdılar. Bir müddətdən sonra Ron vadisində məskunlaşdılar.
Həmin dövrdə başqa bir önəmli hadisə baş verdi: Mayn vadisində məskunlaşan burqundlar Attilanın əmisi Oktarın əlindən cana doymuşdular. Odur ki Honoridən kömək istədilər. Honori özünəməxsus imperator ədasıyla buna razılıq verdi. İşi belə görən Oktar Mayn çayı sahilində Honorinin qoşunlarına hücum etdi. Hücum acı sonluqla nəticələndi – o məğlub oldu. Bu, hunların ilk tarixi məğlubiyyəti idi. Belə çıxırdı ki, onlara qalib gəlmək də olarmış.
Oktar bu məğlubiyyətdən elə məyus olmuşdu ki, boğazından su da keçmirdi. Bu məğlubiyyətin ertəsi günü o, kiçik qələbə qazandı. Cəmi üç nəfər itki verərək vestqotlara zərbə vurdu, onlardan otuz nəfəri öldürdü. Bu qələbəsini təntənəli şəkildə qeyd etmək istədi. Həmin gecə o qədər şərab içdi ki, sərxoş halda yerə sərildi.
Oktarın köməkçilərinin də ağlı başlarından çıxmışdı – şərabdan əməllicə məst olmuşdular. Bir əfsanədə deyilir ki, guya onlar öldürdükləri vestqotların kəlləsindən piyalə kimi istifadə edirmişlər, hətta kəllələrdən biri ağzındakı dişləri ox kimi sərxoş hunların üstünə tüpürübmüş. Lakin şərabın təsirindən yenə də ayılmayıblarmış.
Qaynar hadisələrin bir-birini əvəzlədiyi bu məqamda – 408-ci ildə Aetsi Romaya qayıdır. Bunda əsas məqsədi evlənmək idi.
Həmin vaxt Attilanın on üç yaşı vardı. Çox istədiyi dostundan ayrılmaq ona ağır gəlirdi. Aetsi aradan keçən illər ərzində Attila üçün böyük qardaşa çevrilmişdi. Odur ki ayrılarkən bir-birinə söz verdilər ki, məktublaşsınlar, imkan tapdıqca görüşsünlər.
Aetsi cəmiyyət içində olmağı xoşlayırdı. Attila isə onun əksinə özünəqapalı biri idi, tənha qalmaqdan xoşlanırdı. Elə buna görə də ən yaxın dostundan ayrıldıqdan sonra bütün günü dərin fikirlərə gedir, müxtəlif xəyallar qururdu. Bu xəyallar Romanın, Konstantinopolun və Parisin qapılarını onun üzünə açacaqdı. Avropanın adıçəkilən üç aparıcı şəhəri (onlardan ilk ikisi süqut çağında idi, üçüncüsü isə hələ təzə çiçəklənirdi) ya könüllü təslim olacaq, ya da buna məcbur qalacaqdı.
Bir qədər irəli gedib deyək ki, Attila hər üç şəhərə qarşı mərhəmətli davrandı. Hələ də heç kim bunun səbəbini bilmir. Üstəlik, o bu şəhərləri din xadimlərinin yalvar-yaxarına görə bağışlamışdı. Halbuki Attila dinlərə inanmırdı!
Daha bir maraqlı məqam: sonradan elə həmin o din xadimləri Attilanın ən qatı düşməninə çevrildilər. Onun bütün rəqiblərini birləşdirib qüdrətli hunun üstünə salmağa çalışdılar. Bu din xadimlərinin başında Roma papası[9 - Roma papası – Roma katolik kilsəsinin başçısı] gəlirdi.
İş o yerə çatacaqdı ki, xristianlar Attilanı «Tanrı qırmancı» adlandıracaqdılar. Attila özü bu ləqəbdən xoşhal olacaq, ona layiq olduğunu düşünəcəkdi.
Nə demək idi «Tanrı qırmancı»? Xristianlar bu suala çox aydın cavab verirdilər: «Tanrı qəzəbinə gələnləri kiminsə əliylə cəzalandırır».
Bütün bunlar hələ sonralar baş verəcəkdi. Odur ki gəlin hadisələri qabaqlamayaq.
Hunların müəmmalı sayı
V yüzilliyin əvvəli tarixə hun epoxasının[10 - Epoxa – təbiətin, cəmiyyətin, elmin və s. inkişafında konkret xarakterik xüsusiyyətlərlə səciyyələnən dövr] başlanğıcı kimi daxil olub. Onların getdikcə güclənməsi az qala üç yüz il ərzində Şərqdən Qərbə – Avropaya doğru müxtəlif xalqların aramsız köçlərini şərtləndirdi. Saysız-hesabsız köçərilər ordusu Roma imperiyasını əvvəlcə həyəcanlandırdı, ardınca təşvişə saldı, axırda isə tamamilə sarsıtdı.
Bəs böyük köçə qoşulanların, məsələn, alanların, qotların, yaxud vandalların sayı nə qədər idi? Bu suala dəqiq cavab vermək mümkün deyil. Bircə o məlumdur ki, köçərilər nəhəng çəyirtkə sürüsü kimi Avropanı ağuşuna almaqda idilər.
Həmin vaxt bu qitənin əhalisinin ümumi sayının 30 milyon nəfər olduğu güman edilir. Hunların sayı isə mübahisəli olaraq qalır: bəzi ehtimallara görə, Uraldan Dunaya qədər böyük əraziyə səpələnmiş hunların sayı 5 milyon, bəzi fərziyyələrə görə isə cəmi 250 min nəfərə çatırdı. Birinci rəqəm mənasızca şişirdildiyi kimi, ikinci də eyni şəkildə azaldılıb. Hunların sayının cəmi bir milyon yarım olduğu fikri daha ağlabatan rəqəmdir. Belə ki, yalnız bu qədər hundan yarım milyon süvari çıxa bilərdi. Çünki hun kişilərinin az qala hamısı hazır əsgər idi.
Hunlar böyük bir əraziyə yayılmışdılar. Təbii ki, həmin əraziləri qorumaq tələb edilirdi. Ona görə də hunlar qoşunlarının böyük hissəsini məskunlaşdıqları yerlərin mühafizəsinə ayırır, yalnız yerdə qalanlarla harasa hücuma keçir, yaxud müttəfiqlərin köməyinə tələsirdilər.
Hunların sayı barədə biliklər ona görə vacibdir ki, hadisələrin sonrakı gedişi ilə bağlı yanlış fikirlərə yer qalmasın. Məsələn, Ruasın Aetsinin köməyinə göndərdiyi qoşunun sayı daim mübahisə mövzusu olub. Belə ki, Honori 423-cü ildə vəfat etdi. Bundan sonra Flavi Yohan onun yerinə keçmək istədi. Lakin Aetsi Flaviyə qarşı çıxdı və Ruasdan kömək istədi. O da 50 minlik qoşun göndərdi. Ruasın təkcə hansısa müttəfiqinin köməyinə yollamaq üçün 50 minlik hun döyüşçüsü vardı? Bu suala «bəli» cavabı verən adam, yəqin ki, az tapılar…
Attila Roma sarayında
Aetsinin gedişindən bir müddət sonra Attila artıq gələcəyin qüdrətli simalarından birinə çevrilmək yolunda mətin addımlarla irəliləyirdi. Həm fiziki baxımdan qüvvətlənir, həm də biliklərini artırır, dünyagörüşünü genişləndirirdi. Nəticədə tezliklə o, əmisi Ruasın «sağ əl»inə çevrildi. Belə ki, əmisi ona məsul tapşırıqlar verirdi, ən əsası qardaşı Bledadan daha çox etibar edirdi. Bleda yaşca Attiladan böyük idi. Lap erkən vaxtlarından eyş-işrətə meyilliliyi ilə fərqlənirdi. Bütün işi-gücü ov ovlamaq, yeyib-içmək, əylənmək idi. Attila isə öz qoçaqlığı, ağlı və böyük iddiaları ilə onu arxada qoymuşdu. Bu, Bledanın vecinə də deyildi. Bütün öyüd-nəsihətlərə baxmayaraq öz kefində idi.
408-ci ildə Attilanı Romaya göndərdilər. Bir zamanlar Aetsinin Hun sarayında – Ruasın yanında yerinə yetirdiyi «şərəfli zamin» missiyasını indi Attila Roma sarayında yerinə yetirməli idi. Onun üzərinə iki yeni dost – hunlarla romalılar arasında əlaqələri daha da gücləndirmək vəzifəsi qoyulmuşdu.
Məhz Attilanın Roma sarayına göndərilməsi fikrinin necə meydana çıxdığı bəlli deyil; bircə o məlumdur ki, bunu ona Ruas özü təklif etmişdi. Belə çıxır ki, əmisi cəmi on üç yaşı olan qardaşı oğluna hədsiz dərəcədə inanır, güvənir, etibar edirdi. Əks halda hakimiyyəti əməllicə laxlayan bir imperatorun sarayına niyə Attilanı göndərəydi?
Bunu da unutmayaq: Ruas Roma ilə dostluğa böyük əhəmiyyət verirdi. Elə II Feodosi də bu dostluqdan məmnun idi. Lakin ortada bir «əmma» vardı. Belə ki, Şərqi Roma imperatoru Ruasa maaş kəssə də, bunun əvəzində ondan, demək olar, heç nə tələb etmirdi. O, eyni qayda ilə Uldinə də maaş verirdi. Di gəl, ondan çox şey tələb edirdi; məsələn, qot sərkərdəsi Qainası yerində oturtmaq üçün məhz Uldini göndərmişdi. Qainas da əvvəllər imperatordan aylıq alırdı. Lakin qəfildən özünü Dunaydan Reyn çayına qədər uzanan ərazinin hökmdarı elan etdi… II Feodosi vaxt itirmədən Uldini qotların üstünə göndərdi. Uldin ona tapşırılan vəzifənin öhdəsindən uğurla gəldi: qotları məğlub edib Qainası əsir aldı. Onun başını şəxsən özü kəsdi və Konstantinopola yolladı…
Uldinin II Feodosi qarşısında bu cür xidmətləri Ruası məyus edirdi. O başa düşürdü ki, belə getsə, rəqibini ötüb-keçə bilməyəcək. Ona görə də fərqli yol seçdi. Ruas fikirləşirdi ki, Roma imperiyası iki yerə ayrılsa da, yəni onun iki başı olsa da, bədəni birdir. Bu səbəbdən də Qərbi Roma imperiyası ilə yaxınlaşmaq yolunu tutdu. Belədə Şərqi Roma imperiyası ilə də eyni dərəcədə yaxınlaşmış olacaqdı. Məhz bu səbəbdən də Romaya davamçısı (xələfi) kimi gördüyü Attilanı göndərməyə qərar verdi.
Bunu bilən Honori öncə Aetsi ilə məsləhətləşdi. Aetsi imperatora Ruasın təklifini qəbul etməyi məsləhət gördü. Honori belə də elədi. Beləliklə, Attila Romaya gəldi. Yuxarıda da qeyd etdiyimiz kimi, bu zaman onun on üç yaşı vardı. Aetsi isə on doqquz yaşında idi. Bununla da iki dostun ayrılığı uzun sürmədi. Attila Romaya gəldikdən sonra onların dostluğu daha da gücləndi.
Bəzi ehtimallara görə, Attila Romaya yox, Ravennaya gəlib. Çünki Qərbi Roma imperatorları həmin dövrdə Roma ilə bərabər Ravennada da yaşayırdılar. Bu şəhər böyük bataqlıqlarla əhatə olunmuşdu. Nə barbarlar, nə də başqaları bu bataqlıqları keçə bilirdi. Yəni şəhəri qorumaq asan idi. Elə Qərbi Roma imperatorlarını da ilk növbədə bu düşündürürdü. Romanın şöhrəti hər yana yayılsa da, bu şəhər xeyli dərəcədə müdafiəsiz idi. Onu ələ keçirmək istəyənlərin isə sayı-hesabı yox idi. Bu isə o demək idi ki, şəhər hər an hücuma məruz qala, müdafiə imkanları zəif olduğu üçün isə asanlıqla ələ keçə bilərdi.
Lakin bütün bunlara baxmayaraq tarixçilərin əksəriyyəti Attilanın məhz Romaya gəldiyi fikrində həmrəydilər. İmperatorun sarayında onu böyük ehtiramla qarşılamışdılar. Eyni münasibət sonralar da davam etmişdi. Attilaya az qala xaqanlara xas münasibət göstərirdilər.
Bu həmin dövr idi ki, Qərbi Roma imperiyası çətin günlər yaşayırdı. Daxili ixtilaflar getdikcə güclənirdi. Saray sui-qəsd, satqınçılıq, şər yuvasına dönmüşdü. Hadisələr Honorinin öz müəllimi Stilixonu saraydan uzaqlaşdırmasınadək böyüdü.
Bu həmin Stilixon idi ki, indiyədək imperiyanı dəfələrlə böyük təhlükələrdən qurtarmışdı. Lakin sonuncu dəfə imperatorun müəllimi belə baş verənlər qarşısında aciz idi. Belə ki, onun başı qotlarla mübarizəyə qarışdığı bir vaxtda vandallar Qalliyaya soxuldu. Stilixon eyni vaxtda ayrı-ayrı yerdə döyüşə bilməzdi ki! Di gəl, Honori başqa cür düşünürdü. O, Stilixonu nə qədər təəccüblü də olsa, «əlindən bir iş gəlməməkdə» günahlandırdı və saraydan kənarlaşdırdı.
Əslində isə Honorinin dərdi başqa idi: bu çəlimsiz imperator Stilixonun xalq arasındakı şöhrət və nüfuzunu qısqanırdı. Böyük Feodosi oğlunun bacarıqlarına bir elə də etibar etmədiyindən Honorini məhz Stilixona tapşırmışdı. Stilixon bu vəzifəsini layiqincə yerinə yetirir, təbiətcə qorxaq olan imperatoru və bütövlükdə imperiyanı çətin vəziyyətlərdən çıxarmaq üçün əlindən gələni əsirgəmirdi. Hər kəs bunu görürdü. Ona görə də Honoriyə rişxəndlə, Stilixona isə hədsiz rəğbətlə yanaşırdılar. İmperator da sözügedən münasibətdən yaxşı xəbərdar idi və şübhəsiz ki, bundan əsla məmnun deyildi.
Attila Roma sarayına təşrif buyurarkən oradakı ab-hava məhz bu cür idi…
Belə şəraitdə o özünü necə hiss edirdi? Bəzilərinə görə, saraydaxili ixtilaflar onun üçün hədsiz dərəcədə maraqsız və bezdirici idi. Bunun üçün də darıxırdı. Digərlərinin fikrincə isə Attila özünü balıq suda necə hiss edirsə, elə hiss edirdi. Saraydakı qovğalardan, intriqalardan belə nələrsə öyrənməyə çalışırdı.
Bu həmin vaxt idi ki, Aetsinin hakimiyyət daxilindəki mövqeləri xeyli möhkəmlənmişdi. O, Romanın ən imkanlı şəxslərindən biri olan, geniş əlaqələrə malik Karpilionun qızıyla nişanlanmışdı. Bu isə onun sarayda nüfuzunu daha da artırmışdı.
Attila sonrakı dörd il ərzində imperiyanın sirlərini yaxından və dərindən öyrəndi. Bu o vaxtlar idi ki, Qərbi Romanın gələcəyi artıq tamamilə sual altında idi. Kiçik bir qiyam, yaxud yadelli hücumu kifayət idi ki, bu imperiya xəritədən silinsin.
Gələcək hökmdarın həyat dərsləri
Attila «şərəfli zamin» olarkən istədiyi yerə getmək məsələsində tamamilə sərbəst idi. Odur ki bir neçə dəfə Dunayın digər sahilinə – hunların yaşadığı ərazilərə keçmişdi. Bu zaman Romadakı müşahidələri əsasında gəldiyi qənaətləri, əldə etdiyi qiymətli məlumatları Ruasa çatdırmış, eyni zamanda Honorinin qiymətli hədiyyələrini ona çatdırmışdı. Geri qayıdarkən isə əmisindən imperatora bəxşişlər gətirmişdi.
Aradan dörd il keçdi. Attilanın artıq on yeddi yaşı vardı. Təqvim 411–412-ci illəri göstərir; Qafqazdan həyəcanlı xəbərlər gəldi. Alan, kolx və roksolan kimi tayfalar hunlara ciddi başağrısı yaratmaqda idilər. Öz aralarında da tez-tez çəkişən bu tayfalar hunların güclənməsinə əməlli-başlı əngəl törədirdilər. Nə isə eləmək lazım idi.
Xeyli götür-qoydan sonra Ruasın kiçik qardaşı Aybars öz süvari qoşunuyla hərbi səfərə çıxdı. Onun məqsədi Volqa və Ural arasında qayda-qanun yaratmaq idi. Hər kəs yaxşı bilirdi ki, bu o qədər də asan iş deyil.
Bu o zaman idi ki, Oktar da, Mundzuk da ölmüşdü. İndi isə Aybars uzunmüddətli səfərə çıxırdı. Dunay hunlarına başçılıq etmək üçün dörd qardaşdan yalnız Ruas qalırdı. Onun işi ağır idi və bunun öhdəsindən təkbaşına gəlmək müşkül məsələ idi. Vəziyyəti belə görən Ruas ətrafında ona sadiq ola biləcək, sınanılmış xeyli adam topladı. Hər şeydən öncə isə qardaşı oğlu Attilanın yanında olmasını istəyirdi. Bu məqsədlə onu Romadan geri çağırdı.
Beləliklə, Attila macar çöllüyünə – Puştaya qayıtdı. Ona verilən ilk tapşırıq isə on yeddi yaşlı bir gənc üçün xeyli dərəcədə qeyri-adi idi. Üstəlik, bu gənc təzə evlənmişdi, bir knyazın Enqe adlı qızıyla ailə qurmuşdu. Enqe haqqında tarixçilərin əlində yetərincə məlumat yoxdur. Bircə o bəllidir ki, həmin evlilikdən Attilanın oğlu Ellak dünyaya gəlmişdi. O, gələcək hökmdarın çoxsaylı övladları içində ən sevimlisi idi. Ağlı, istedadı ilə fərqlənən Ellak hələ yetkinlik yaşında diplomatik və hərbi işləri öyrənmək üçün Mərkəzi Avropaya göndərilmişdi.
Şərqi Roma imperiyasının rəqibləri Ruası Konstantinopolu tutmaq üçün təhrik edirdi. Həmin təzyiqlər qarşısında tab gətirməkdə çətinlik çəkən Ruas öncə real vəziyyəti öyrənmək qərarına gəldi. Şərqi Romanın hazırkı durumundan xəbər tutmadan Konstantinopol üzərinə yerimək ağılsızlıq olardı.
Digər tərəfdən II Feodosi əvvəlkitək Ruasın maaşını ödəməyə davam edirdi. Lakin o, hunların başçısı ilə əlaqələri, demək olar, kəsmişdi. İş o yerə çatmışdı ki, ostqotlar və vestqotların hücumu zamanı Ruasdan kömək istəməyə ehtiyac belə görməmişdi. Belə çıxırdı ki, hun hakimi Konstantinopoldan havayı maaş alırdı. Bu, Ruası əsəbiləşdirdi. II Feodosidən özünə qarşı belə münasibətin səbəbini bilmək istəyirdi. Bəlkə, Şərqi Roma imperatoru Ruasa bel bağlamır və onu digər bütün düşmənlərindən daha təhlükəli hesab edirdi. Əgər, həqiqətən, belə idisə, II Feodosini anlamaq çətin deyildi: Ruası həddən artıq yaxına buraxmaq sabah-birigün Şərqi Romaya baha başa gələ bilərdi.
Attilanın qayıtdıqdan sonra söylədikləri əmisinin narahatlıqlarını təsdiqləyirdi: II Feodosi ikibaşlı, hətta üçbaşlı oyunlar oynayırdı. Dunay hunlarının rəsmi müttəfiqi olduğu halda digər tərəfdən gizli şəkildə german tayfalarını bəsləyirdi. Şərqi Romanı şimal və şərq tərəfdən əhatə edən bu tayfaların başçılarına maaş belə kəsmişdi. Məqsəd aydın idi: həm onları zərərsizləşdirmək, həm də ehtiyac yarandığı təqdirdə hunlara qarşı qaldırmaq!
İşi belə görən Ruas ehtiyat tədbirlərini artırdı. Aradan bir az keçmiş hunlar german tayfalarına aid qızıl yüklü atlıları tutdular.
– Bu qiymətli yüklə hara gedirsiniz? – Ruasın adamları onlardan soruşdular.
– Heç yerə. Sadəcə, gəzişirik.
– Elə isə, bizim torpaqlarda nə işiniz var?
Qorxuya düşən süvarilər dərhal hər şeyi boyunlarına aldılar: «Hə, hə, bizi II Feodosi göndərib…»
Məsələdən xəbər tutan Ruasın heç bir şübhəsi qalmadı ki, Şərqi Roma imperatoru ən yaxın müttəfiqinə xəyanət edib: çoxlu miqdarda qızıl müqabilində german tayfalarından hunlara qarşı istifadə etmək qərarına gəlib.
O bundan bərk əsəbiləşdi, lakin dişini dişinə sıxıb gözləməyə qərar verdi. Çünki hazırda Konstantinopol üzərinə hücuma keçmək iqtidarında deyildi. Bununla belə, Attilaya dedi: «II Feodosinin xəyanəti bağışlanılmazdır. Gec-tez ondan və ya xələflərindən intiqam alınmalıdır». Attila da əmisi ilə eyni fikirdə idi, odur ki dərhal razılaşdı.
Bu yerdə qeyd edək ki, tarixi qaynaqlarda Ruasın oğlunun, yaxud oğullarının olduğu barədə heç bir məlumat yoxdur. İki ehtimal var: ya onun əvvəlcədən oğlu, yaxud oğulları olmayıb, ya da olub, lakin erkən yaşda dünyalarını dəyişiblər. Ona görə də Ruas üçün Attilanın qiyməti əvəzedilməz idi: axı indi o öz ağlına, bacarığına, cəsarətinə görə yeganə varisdir!
Dunay hunlarının başçısı əmr etdi ki, qızıl yüklü atlıları qılıncdan keçirsinlər. Ardınca Ruas Şərqi Roma imperatorunun xəyanəti barədə Qərbi Romaya – Aetsiyə xəbər göndərdi. Fikirləşdi ki, Aetsi II Feodosini öz məkrli niyyətlərindən, fitnəkar əməllərindən çəkindirə bilər. Düzü, onun buna elə də ehtiyacı yox idi. Ruas əsla qorxmurdu, sadəcə, güclənmək üçün vaxt qazanmalı idi.
Aetsi məsələdən hali olan kimi Feodosiyə xəbər yolladı ki, Ruasla ixtilafdan çəkinsin. Lakin Şərqi Roma imperatoru onun məsləhətini qulaqardına vurdu və hunlarla intriqanı dərinləşdirmək yolunu tutdu. Artıq zərrəcə şübhə qalmamışdı ki, II Feodosi özünə və imperiyasına ən böyük təhlükə kimi məhz bu tayfanı görür.
Hadisələrin gedişi göstərdi ki, Şərqi Roma imperatorunun yersiz inadkarlığı ona düşündüyündən də baha başa gəldi. II Feodosi Aetsinin məsləhətini dinləməyərək çox şey itirdi…
Bu baş verənlərdən sonra Attilanın həyatında yeni bir dönəm başladı. Ruasdan sonra Hun sarayının faktiki ikinci adamına çevrildi. Lakin, təəssüf ki, onun həyatının həmin dönəmi, yəni 17 yaşından 26 yaşına qədərki dövrü haqqında heç bir səhih məlumat yoxdur. Bəlli olan bircə odur ki, Attila əmisinin etimadını doğrultmağa davam etmiş, özünü vəliəhd – gələcək hökmdar kimi tam təsdiqləmişdi.
O, şübhəsiz ki, hökmdar olmağı çox arzulayırdı, lakin buna tələsmirdi. Sakitcə hakimiyyət başına keçəcəyi günü gözləyirdi.
Çox sonralar Attilanı qardaşı Bledanı qətlə yetirməkdə günahlandıracaqdılar. Guya o, Bledanın əyyaşlığından bezdiyi üçün bu addımı atmışdı. Lakin bir çoxları əmindir ki, səbəb fərqli olub: Bleda yaşca Attiladan böyük idi. Hesab edilir ki, qətlə bu da səbəb ola bilərdi: monarxiya[11 - Monarxiya – hakimiyyətin irsi olaraq bir şəxsdən ailənin digər üzvünə keçməsi; bu üsulla gerçəkləşdirilən dövlət idarəetmə forması] prinsiplərini nəzərə alan şöhrətpərəst kiçik qardaşın böyük qardaşı aradan götürmək fikrinə düşməsində təəccüblü heç nə yoxdur.
Bəs bu deyilənlər nə dərəcədə doğrudur?
Hazırda tarix elminə məlum olan odur ki, bu qardaşlar arasında heç vaxt düşmənçilik olmayıb. Əksinə, onların bir-birini çox istədiyinə dair güclü ehtimallar var. Üstəlik, bu da bilinir ki, Bleda atdan yıxılaraq ölmüşdü.
Ümumiyyətlə, Attilanın bütün qohumlarıyla isti, mehriban münasibətləri vardı. Üstəlik, o, Ruasın ən sadiq adamı və faktiki olaraq varisi idi. Belədə qardaşını necə öldürə bilərdi?
Attila, demək olar ki, bir yerdə dayanmırdı. Mütəmadi olaraq müxtəlif tayfa başçıları ilə görüşür, ya köhnə əlaqələri daha da möhkəmləndirir, ya da yeni əlaqələr qururdu. Bir sözlə, böyük bir tayfa birliyi yaratmaqla məşğul idi. Həmin birliyin başçısı isə əmisi olacaqdı. Beləcə, Ruasdan sonra hakimiyyətə gəldikdə Attilanın qüdrətli bir imperatora çevrilməsi daha da asanlaşacaqdı. Bir sözlə, o təkcə əmisi naminə deyil, həm də öz gələcəyi uğrunda canla-başla, yorulmadan çalışırdı.
Bütün bunlar baş verərkən Attilanın digər əmisi Aybars Don və Volqa ətrafında məskunlaşan hunlar arasında ixtilaflara son qoymuş, onlar üzərində hakimi-mütləqə çevrilmişdi. Həmin vaxt iki qardaş arasında əlaqələndirici rolunu da məhz Attila oynayırdı. Əmiləri onun vasitəsilə fəaliyyətlərini bir-birinə uyğunlaşdırır, birlikdə hərəkət edirdilər.
Attila uşaqlıq dostunun köməyinə tələsir
Tarix 421-ci ili göstərir. Attilanın artıq 26 yaşı var. Gəncliyinin ilk çağları geridə qalıb. Lakin hakimiyyətə gələcəyi gün hələ də uzaqdadır. Ruas bundan sonra daha 13 il yaşayacaq, yalnız o, dünyasını dəyişdikdən sonra gələcək Hun hökmdarı taxta çıxacaqdı.
Hələliksə Attilanın nüfuzu getdikcə artır, hətta hunların yaşayış düşərgələrindən kənara yayılır.
Honori artıq 27 ildir ki, Qərbi Roma imperatorudur. Qohumu II Feodosi isə Konstantinopolda oturur və Şərqi Roma imperiyasını idarə edir. Düzünə qalsa, onların hər ikisi, əslində, xeyli dərəcədə istedadsız və iradəsiz adamlar idilər.
Bundan başqa, Honori təbiətcə pozğun idi, eyş-işrətdən ötrü ürəyi gedirdi, kəmhövsələliyi ilə məşhur idi, tez özündən çıxırdı. II Feodosi isə təbiətcə kişi xarakterindən uzaq idi. İlahiyyat və hüquq elminə az-çox bələd idi. Gözəl xətti olmasıyla qürrələnirdi.
Attila bilirdi ki, gələcəkdə onu məhz bu iki istedadsız və iradəsiz hökmdarla mübarizə gözləyir. Onu da bilirdi ki, hər iki imperator başqalarının arxasında gizlənməklə məşğuldur: Honori az qala külli-ixtiyarı hərbçilərə və əliəyri məmurlara vermişdi. II Feodosinin sarayında isə söz sahibi hərəm ağaları idi (hər iki ildən bir onlar öz davamçıları tərəfindən öldürülürdü).
Nəticədə hər iki imperiya xirtdəyəcən problem içində idi.
Attila qarşısına belə bir məqsəd qoydu: Romaya dəyib-toxunmayacaq, Konstantinopolu isə daim qorxu altında saxlayacaqdı.
Lakin bundan öncə o, ikinci dəfə rəsmən evləndi. Evləndiyi Kerka öz həmyerlisi, nüfuzlu tayfa başçılarından birinin qızı idi. Ömrünün sonunacan Kerka onun baş xanımı, zamanı çatanda isə imperatriçə olacaqdı. Bu izdivacdan iki oğlu, bir neçə qızı dünyaya gələcəkdi.
423-cü ildə Honori vəfat etdi. Qərbi Roma imperiyası daxilində varislik üstündə qovğalar, ixtilaflar başladı. Üstəlik, imperiya ərazisində özbaşınalıqlar çoxaldı. Bu zaman Ravennanın yüksəkrütbəli məmurlarından Yohannes deyilən bir nəfər «Yohan» adı ilə özünü imperator elan elədi. O, Aetsinin yaxın dostu idi. Honorinin qanuni varisi isə onun qohumu Valentinian idi. Valentinian Honorinin bacısı Qalla Platsidiyanın cəngavər sərkərdə Flavi Konstansi ilə izdivacdan olan oğlu idi. Honori hələ sağlığında yeznəsini III Konstansi adıyla hakimiyyətin şəriki elan etmişdi. Odur ki indi hakimiyyət Valentiniana ötürülməli idi.
Di gəl, Qərbi Roma sarayında ən nüfuzlu şəxslərdən birinə çevrilmiş Aetsi Yohanın imperatorluğunu dəstəkləyirdi. O, dostunun arxasında dağ kimi dayanmışdı. Üstəlik, məsələ təkcə dostluqda da deyildi. Məsələ burasındadır ki, Valentinianın anası Qalla onun mənfur düşməni idi. Belə ki, Honorinin bacısı bir vaxtlar Aetsiyə dəlicəsinə vurulmuşdu. Ancaq oxu daşa dəymişdi. Aetsi onun sevgisini cavabsız buraxmışdı. Bundan qeyzlənən qadın Aetsidən qisas almaq ehtirası ilə alışıb-yanırdı.
İmperatorluq uğrunda mübarizə başlayanda Valentinianın altı yaşı təzəcə tamam olmuşdu. Təhlükə böyük idi: azyaşlı oğlunu taxta çıxaran Qalla bununla da faktiki olaraq təkbaşına hakimiyyətə yiyələnəcək, əldə etdiyi geniş səlahiyyətlərdən isə öz intiqamı üçün asanlıqla faydalana biləcəkdi.
Qalla Platsidiya oğlunu imperator elan etmək üçün II Feodosiyə üz tutdu. Lakin Qərbi Roma hökmdarı ona yardım əli uzatmaq iqtidarında deyildi. Belədə Qalla mərhum qardaşına sadiq sərkərdələri köməyə çağırdı. Bildirdi ki, onlar Honorinin ruhuna hörmət və sədaqət əlaməti olaraq hakimiyyətin qanuni varisə ötürülməsinə dəstək verməlidirlər. Sərkərdələr Qallanın çağırışına yox demədilər. İşi belə görən Yohan qorxuya düşdü: axı onun ordusu yox idi!
Aetsi dostunu sakitləşdirdi. Məsələni yoluna qoymağı öz boynuna götürdü və Ruasın yanına yollandı. O, hun hakiminin yanına gələndə Attila da orada idi. Ruas qardaşı oğlu ilə nə barədəsə məsləhətləşirdi.
Attila uşaqlıq dostunu görüncə hədsiz sevindi. Aetsi gəlişinin səbəbini açıqladı. Qərbi Romadakı taxt-tac mübarizəsində köməyə ehtiyacı olduğunu söylədi. Ruas onu dinlədikdən sonra Attilaya çevrildi və ondan bu haqda fikrini soruşdu. Attila, əlbəttə ki, Aetsinin əliboş qayıtmasına razılıq verə bilməzdi. Beləliklə, Ruas on minlərlə hun süvarisini Aetsinin sərəncamına verdi. Hun atlıları tezliklə Qərbi Roma torpaqlarına daxil oldular. Lakin onlar üç gün gecikmişdilər. Qanuni varisin tərəfdarları daha cəld tərpənmiş, Yohan taxtdan salınmış, boynu isə vurulmuşdu. Honorinin bacısı oğlu «III Valentinian» adı ilə imperator elan edilmişdi.
Lakin bu hələ hər şeyin sonu demək deyildi. Aetsinin xahişi ilə köməyə gələn hun ordusu ilə imperator qoşunu üz-üzə dayanmışdı. Qalla Platsidiya olduqca narahat idi. Hunların həm sayca çoxluğu, həm də döyüş bacarığı onu təlaşlandırmışdı. Üstəlik, imperiya daxili qovğalar nəticəsində daha da zəifləmiş, gücsüzləşmişdi.
Nəticədə Qalla sülh yolunu tutdu. Bu, Aetsinin də ürəyincə idi. Tərəflər razılığa gəldilər və sonda sülh müqaviləsi bağlandı. Üz-üzə dayanan iki ordunun gözü qarşısında qucaqlaşdılar. Hunlar yaxşıca ənam alıb Dunayın digər sahilinə – öz torpaqlarına qayıtdılar. Aetsi isə sanki heç nə olmamış kimi Ravennaya döndü. Di gəl, Qalla Platsidiyanın ürəyi yenə də sakit olmadı: bu ağıllı və cəsarətli adamdan yaxasını biryolluq qurtarmaq üçün onu Qalliyanın hakimi təyin etdi.
Qallanı qınamalı deyildi: yuxarıda baş verənlərdən sonra Aetsinin də Attila kimi hökmdarlıq niyyəti ilə yaşadığı, əslində, şübhə doğurmurdu. İndi uşaqlıq dostlarının hər ikisi ali hakimiyyətə – imperator olmağa can atırdı.
İmperiyanı yaratmaq yolunda son addımlar
Attila artıq başlıca arzusunu – Hun imperiyası qurmaq xəyalını gerçəkləşdirməyin vaxtı çatdığı qənaətində idi. O bunun üçün ikiqat həvəslə çalışmağa başlamışdı.
Attilanın ilk işi Dunayla Qafqaz arasında rabitəni gücləndirmək, bununla da Asiya ilə Avropa arasında güclü körpü qurmaq oldu. O bu istiqamətdə ticarəti inkişaf etdirmək üçün əlindən gələni edirdi. Həştərxandan Budapeştə qədər bir-birinin ardınca bazarlar açılmağa başlamışdı. Bu bazarları ayrıca hərbi bölüklər qoruyurdu. Hunların nəzarət etdiyi torpaqlardan şərqə – Bakıya, qərbə – Vyanaya qədər ticarət karvanları işləyirdi.
Bu yerdə maraqlı sual ortaya çıxır: təbiətcə basqınlara, talançılığa meyilli olan köçərilər hara, ticarət hara?
Məsələ burasındadır ki, haqqında danışdığımız dövrdə hunların xeyli hissəsi oturaq həyata keçmiş, əkinçilərə, sənətkarlara və tacirlərə çevrilmişdilər. Onların həyat tərzi coğrafi prinsiplərə görə müəyyənləşirdi: oturaq həyatı seçənlər Qafqazda məskunlaşır, köçərilər isə Dunay çayı boyunca yaşamağa davam edirdilər. Sonuncular öz qədim, ənənəvi həyat tərzlərinə sadiq idilər. Heç nə onların yel qanadlı atlarını cilovlaya bilməmişdi. Bir yerdə qərar tuta bilmir, üstü keçə ilə örtülü arabaları buradan ora, oradan bura dayanmadan hərəkətdə idi. Məşğul olduqları yeganə peşə dəmirçilik idi. Bu da, əsasən, hərbi məqsədlər, məsələn, silah hazırlamaq üçün lazım idi. Belə dəmirçi emalatxanaları indiki Avstriya ərazisində – Lints şəhəri yaxınlığında yerləşirdi.
Volqa və Don hunları isə Qərbə xəz-dəri, gil qablar, qaxac ət göndərirdilər.
Qayıdaq Attilaya… 424-cü ildə onun Kerkadan ikinci oğlu oldu. Adını «dəniz» mənasına gələn Denqizix qoydular.
Gələcək hökmdar öz məqsədinə çatmaq üçün dayanmadan çalışır, diplomatik və hərbi təcrübəsini artırırdı. Qurmaq istədiyi imperiyanın coğrafiyası o qədər geniş idi ki, buna qısa vaxtda, üstəlik, tam hazırlıqsız nail ola bilməyəcəyini başa düşürdü. Ona görə də tələsməməyə davam edirdi.
Bu minvalla daha 7 il keçdi. 431-ci ildə daha bir əmisi – Aybars vəfat etdi. Bundan sonra Ruas hunların yeganə başçısı oldu. Çünki Aybarsın varisi yox idi.
Attilanın nüfuzu ilbəil artır, təsir imkanları genişlənirdi. O artıq özünü vəliəhd kimi aparır, müstəqil qərarlar qəbul etməyə başlayırdı; məsələn, Aybarsın təyin etdiyi məsul şəxsləri yığıb hamısının vəzifələrini dəqiqləşdirdi. Çünki mərhum əmisinin zamanında onların səlahiyyətləri köhnə qaydalarla, olduqca qeyri-dəqiq müəyyənləşdirilmişdi. Attila hunların nəzarət etdiyi ərazilərdəki bütün qarovul məntəqələrini gəzir, ümumi müdafiəni gücləndirir, yeni vəzifə sahiblərini təyin edirdi. Ən əsası isə Qafqazla Dunay arasındakı rabitəni möhkəmləndirdi. Attila Qafqaza sahib olmağı çox istəyirdi, hətta Ruasın sarayından bura inzibati işləri həyata keçirmək üçün adamlar gətirtmişdi. Eyni zamanda bəyan etmişdi ki, Qafqaz və qafqazlılar gələcəkdə ortaya çıxacaq imperiyanın ayrılmaz tərkib hissəsi sayılacaq, vahid hakimiyyət altında qərbi hunlar kimi eyni hüquqlara sahib olacaqlar.
Bəli, Attila öz imperiyasını yaratmağa o vaxtadək tarixdə tayı-bərabəri olmayan şəkildə başlamışdı. Nə həmin zamanadək, nə də ondan sonra heç bir imperiya dinc yolla, sülh şəraitində meydana çıxmayıb. Attila isə xəyalındakı imperiyanı məhz bu üsulla, diplomatik bacarıqları sayəsində yaratmaqda idi.
Hunların gözlənilməz şəkildə vahid hakimiyyət altında birləşməyə başlaması çox keçmədi ki, onların qonşularında narahatlığa səbəb oldu. Attilanın get-gedə çəkinmədən «imperiya» adlandırdığı məmləkətin sərhədləri dəqiqləşdikcə bu narahatlıq da artır, bəziləri onu elə beşikdəcə boğmağın yollarını götür-qoy edirdilər.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289400) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Göytürklər – əfsanəyə görə, qurddan törəndiyi deyilən «aşina» adlı qədim türk qəbiləsinə mənsub olan xalq. Aşina qəbiləsindən olanlara «göydən enmiş türklər» – göytürklər deyirdilər.
2
Uqor – Şimal-şərqi Avropada yaşayan və eyni dil ailəsini əmələ gətirən fin-uqor xalqlarının bir qolu. Ana vətənləri Ural dağları ilə Volqa çayı arasındakı ərazilərdir.
3
Xalqların böyük köçü – IV əsrdə hun tayfalarının Altaydan Avropaya tərəf yayılması ilə başlanan, 300 ildən çox davam edən yürüş.
4
Böyük İpək yolu – qədim dövrdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan karvan yolu
5
Dönük Yulian – 361–363-cü illərdə Roma imperatoru. Öncə xristian olmuş, lakin sonradan xristianlığın tənqidçisinə çevrilmiş və antik inancları qəbul etmişdi. Dinindən döndüyü üçün tarixdə «Dönük Yulian» kimi qalmışdır.
6
Frakiya – Cənub-Şərqi Avropada Bolqarıstan, Şimal-Şərqi Yunanıstan və Türkiyənin Avropa qitəsindəki torpaqlarını əhatə edən tarixi bölgə
7
Saloniki – e.ə. 315-ci ildə Makedoniya hökmdarı Kassandr tərəfindən əsası qoyulmuş yunan şəhəri
8
Orda – türk və monqol xalqlarında hərbi-inzibati təşkilatlanma forması; köçəri düşərgəsi
9
Roma papası – Roma katolik kilsəsinin başçısı
10
Epoxa – təbiətin, cəmiyyətin, elmin və s. inkişafında konkret xarakterik xüsusiyyətlərlə səciyyələnən dövr
11
Monarxiya – hakimiyyətin irsi olaraq bir şəxsdən ailənin digər üzvünə keçməsi; bu üsulla gerçəkləşdirilən dövlət idarəetmə forması