Hekayələr
Cəfər Cabbarlı
Hekayə ustaları
Böyük yazıçı Cəfər Cabbarlının Azərbaycan nəsrində özünəməxsus yeri olan hekayələrinin toplandığı bu kitabdakı əsərlərin ana xəttini savadsızlıq, sosial ədalətsizlik, qadın hüquqsuzluğu kimi problemlərin yaratdığı faciələr təşkil edir.
Cəfər Cabbarlı
Seçmə hekayələr
ASLAN VƏ FƏRHAD
Böyük bir şəhərin ən qaranlıq və tənha küçələrindən birində olan kiçik, birmərtəbəli evdə iki qardaş, bir bacı yaşayırdı. Qardaşlardan biri on altı yaşında Fərhad, o birisi iyirmi altı yaşında Aslan idi. Bacıları isə on beş yaşında Züleyxa adında bir qız idi. Bu kiçik ailədə baş verən və vaxtilə mənə söylənilən olduqca mütəəssir bir hadisə mənim qəlbimi sıxdığı üçün bu hadisəni möhtərəm oxuculara söyləməklə onları da öz dərdimə şərik etmək fikrindəyəm.
Zənnimcə, xilqətdən daha əvvəl ədalətsizlik və vicdansızlıq yaranmışdır. Zira, istər tarixə, istər indiki həyata baxılarsa, çox az insan tapılar ki, ədalətsizlikdən uzaq olsun. Az adam tapılar ki, bir pis iş etdikdə onu vicdan ilə müqayisə etsin, yaxud fikir eləsin ki, əcəba, bu əmrə ki, mən təşəbbüs edirəm, bu rəvamıdır?.. Nəinki insanlar arasında, hətta xilqət və təbiətdə daha böyük qanunsuzluq müşahidə olunur. Görürsən, bir nəfər nifrətə layiq olan zalımı ucaldıb bütün arzuların fövqünə yetirdi, amma digər əhli vicdan, pak və müqəddəs bir şəxsi xar edib ayaqlar altına saldı, hər tərəfdən onu fəlakət buludları çuğladı, o qədər o biçarəni əzdi ki, axırda onu ya intihara, ya qeyri bir tövrlə canını həyatın əzablarından qurtarıb qara torpaq altına girməyə məcbur etdi.
Ola bilsin ki, siz buna etiraz edəsiniz, möhtərəm oxucularım! Amma səhv edirsiniz. Hər addımda milyonlarla buna sübut tapılar. Onlardan biri də yuxarıda söylənilən ailədə baş verən hadisə ola bilər.
Fərhad, Aslan və Züleyxanın ata-anası kiçik bir kənddən olub, güzəranın ağırlığından köçüb şəhərə gəlmişdilər. Bunlar da hər üçü şəhərdə doğulmuşdur. İllərlə qürbət vilayətdə zəhmət və məşəqqətlə ailəsini dolandıran Aslanın atası, Aslan on altı yaşına yetdikdə vəfat etdi. Bir yandan Aslan nökər durub, o biri tərəfdən də anası qulluqçuluq edib, altı yaşında olan Fərhadı və beş yaşında olan Züleyxanı saxlayırdılar. Altı ay keçmədi ki, biçarə övrət də canından artıq sevdiyi kiçik balalarına həmişəlik əlvida etməyə məcbur oldu. Biçarə ana ölümünə deyil, əziz və hənuz səbavət badəsi ilə bihuş olan balalarının taleyinin necə olacağını fikir edib ağlayırdı. Amma əcəl heç bir məzluma rəhm eləyib aman verməz, bərəks, hamısını dünyadan intizar köçürməyə səy edir.
Qışın soyuq, məşəqqətli bir gecəsi idi. Nə bir işıq görünür, nə də bir canlı səsi eşidilirdi. Ancaq Aslangilin evindən zəif bir işıq gəlirdi.
Balaca daxmacığın küncündə biçarə ana uzanıb, axırıncı dəfə olaraq, dövrəsinə yığılan əziz balalarının rəngi solmuş sifətlərinə baxırdı. Onlar isə analarının halını görüb: “Anacan, bəs biz?” – deyib səs-səsə verib ağlayırdılar. Külək vəhşi və qorxunc vıyıltılarla qapıları tərpədirdi. Şaxta evə girib xırda uşaqları payız yarpağı kimi titrədirdi. Fərhad və Züleyxa özlərini analarının üstünə yıxıb ağlayırdılar. Aslan bir qədər böyük olduğu üçün onları ovundurmağa çalışır, gah da ürəyi davam etməyib zar-zar ağlayırdı. Bu şəhərdə bir nəfər əqrəbaları yox idi ki, bədbəxtlərə təsəlli verəydi, onları sakit edəydi. Hava daha da sərtləşir, külək daha da gücləşirdi, onsuz da sınıq olan qapını tamamilə sındırmağa səy edir kimi çırpınırdı. Lampanın ziyası yavaş-yavaş sarımtıl bir rəng alırdı. Bu işıq uşaqların solğun üzünü daha da qəmginləşdirirdi. Uşaqlar ürəkyandırıcı bir səslə ağlayır. “Anacan, ölmə!” – deyib çığırırdılar. Ana biixtiyar balalarının üzünə baxıb ağlamaq istəyirdisə də, taqəti yetmirdi. Yavaş-yavaş gücdən düşürdü. Axır nəfəsdə biçarə ana tamam gücünü yığıb, qollarını açdı, balalarını qucaqlayıb öpdü və zəif bir səslə dedi: “Balalarım mən ölürəm. Bir-birinizdən muğayat olun. Bir elə adam yoxdur ki, sizi ona tapşırım. Aslan, sən onlardan yenə bir az böyüksən, bir ümidim sənə gəlir. Aslan, oğlum, barı sən balalarımı qoru. İlahi, üç nəfər yetim balamı sənə tapşırıb gedirəm… Can balalarım!”.
Ana gəlinlikdən bir örpək saxlayırdı. Aslana tapşırdı ki, onu Züleyxaya versin. Ondan başqa heç bir şeyə gümanı gəlmirdi. Ana bir də balalarını öpüb, yaşla dolu gözlərini yumdu…
Üç nəfər bədbəxt, kimsəsiz dünya üzündə qaldı. Soyuq qış günləri… dolanacaq yox… tanış yox… bəs bunların halına kim yanacaq? Yenə biçarə Aslan… Axırıncı ümid o idi. Hərçənd o da uşaq idi, ancaq o birilərdən böyük olduğu üçün hər zəhmətə o qatlaşmalı idi.
Doğrudan da Aslan olduqca qeyrətli, çalışqan bir uşaq idi. Bütün günü küçələri gəzdi ki, özünə bir iş tapsın, mümkün olmadı. Son qəpiklərini də xərcləyib qurtardı. Nökər durmaq istədi, uşaq olduğu üçün heç kəs ona beş manatdan artıq vermədi. Utandığından da heç kəsə dərdini açıb deyə bilmirdi. Yenə axşam oldu. Evə qayıtdı. Pul yox… çörək yox… Yetimlər məlul-məlul Aslanın əlinə baxdılar. Aslan onların üzünə baxmağa utanırdı. Hərdən qaşını qaldırıb nəzəri uşaqların solğun üzünə düşəndə bütün əzası inildəyirdi; nəhayət, o tab gətirməyib gizli-gizli ağlamağa başladı. Bu yaşda bir uşağın üstünə bu qədər əzab düşəndə, əlbət ki, özünü itirər. Uşaqlar: “mən acmışam”, – deyə zırıldayırdı. Uşağa hər möhnət üz versə, anasına gümanı gələr; onlar da “ana” deyib ağlayırdılar. Aslan uşaqların başını dizi üstündə qoyub ovundurmağa çalışırdı; “Ağlamayın, Fərhad, Züleyxa… Sabah sizin üçün çoxlu-çoxlu şey alacağam”. Uşaqlar bir-iki saniyə sakit olur, sonra yenə ağlayırdılar.
Ayazlı qış gecəsi idi. Daxmada çıraq yanmırdı. Ayın solğun işığı pəncərədən uşaqların tutqun üzünü daha da kədərləndirirdi. Uşaqlar, ağlamaqdan yorulmuş kimi, başlarını Aslanın dizi üstə qoyub uzandılar. Ayın solğun işığı hərdən buludla pərdələnib uşaqları qaranlığa qərq edirdi. Aslan daha məhzun bir halda qardaşına və bacısına baxır, gah da onların halına çarə arayırmış kimi məlul-məlul ətrafını süzürdü. Onun qəmgin gözlərində qəm və kədərdən başqa heç bir şey görünmürdü.
Bəli, təbiət gərdişi-insaniyyətlə elə bir düşmən deyil ki, fəlakət günündə onlara bir çarə arasın; bərəks, həmişə onların fəlakətindən istifadə edib, onların daha da əzilməsinə səy edir. Biçarə insanlar, bir seydi-məzlum və qafil deyillərmi ki, anadan olan gündən təbiətin tələsinə düşür, bir də dünyanı tərk etməklə ondan xilas olurlar?! Təbiətin insanları dünyaya gətirməkdə məqsədi, onlara əzab vermək deyilmi? İnsanın düşməni qüvvətli və mərd olarsa, elə qorxulu olmaz, nə qədər ki, bu düşmən hiyləgər ola. İnsan dünyaya gəlir, təbiətin xain dayələri əlində qərəzgarana məqsədlə nəvaziş olunur, bəslənilir, bununla məxluqu minnətdar edir ki, sizə həyat verdim. Amma neçə illik həyatın hər dəqiqəsi bir əzab deyilmi? Hələ insan bir qədər mətanətli olarsa, onun üçün qurulan torpaqların bir qədərindən özünü xilas edə bilər. Amma vay o şəxsin halına ki, aciz ola! Hər dəqiqədə, hər qədəmdə onun qarşısında bir fəlakət uçurumu açılacaq. Amma təbiət əvvəlincilərin də asudə olmamasına çarə tapmış… Cəmi məxluqat cəm olub təbiətin torunu birdəfəlik qırmağa qəsd etsələr, yenə də onların qarşısında bir ahənin sədd, bir vəhşi və müdhiş düşmən qalır ki, onu heç bir qüvvət, heç bir mədəniyyət silahı ilə dəf etməyə qadir olmazlar; necə böyük bir qüvvət olursa, onun qarşısında payız yarpağı kimi titrər, nə qədər insan xoşbəxt olursa, onun qorxusundan asudə olmaz; o da… ölümdür!.. Bir dəqiqə öz seydinə fürsət və azadəlik verməz; hara getsə, kölgə kimi onu təqib edər. Hər saniyədə, hər nəfəsdə insan onu gözləyir. Bu intizar isə ölümün özündən daha müdhiş deyilmi? İnsanların bu qədər şirin saydıqları və məhəbbətlə adını yad etdikləri həyata bircə kəlmə ilə “əzab” adı versəydilər, daha da gözəl olmazdımı?!
Kiçik daxmada üç nəfər bədbəxt, xəyalat içində huşa gedib, bir-birinə sarılmışdı. Yavaş-yavaş sübh açılırdı. Aslan tez qalxıb, “uşaqlar oyanmasın”, – deyə bir tək olan köhnə yorğanları ilə üstlərini bərk örtdü, bayıra çıxdı. Küçədə belə tezdən heç kəs yox idi. Aslan xəyalat içində yol yeriyir, hara gedəcəyini özü də bilmirdi.
Budur, uzaqdan bir qaraltı gəlir. Aslan yavaş-yavaş ora gedir ki, nə olduğunu görsün. Burada bir nəfər Hacı ticarətdən gəlib vaqondan düşmüş, səhər erkən faytonla gəlirkən faytonun çarxı yolda sınıb, Hacı piyada qalmışdı, iki böyük çamadanı əlinə götürüb gedirdi. Aslan utandığından yavaşca Hacıya baxaraq, kəmal-ədəblə dedi:
– Hacı əmi, sənin üçün ağırdır, ver, birini mən aparım, sənə kömək edim.
Doğrudan da Hacı elə gözləri ilə bir adam axtarırdı ki, çamadanları ona apartdırsın. Amma o vaxt küçədə heç kəs yox idi. Hacı diqqətlə Aslanın məhzun və sarımtıl üzünə baxıb çamadanın birini ona verdi. Yolla gəldikcə Hacı diqqətlə Aslana baxırdı. Aslanın qızmış gözlərində olan kədər və cansızlıq əlaməti Hacını da qəmgin edirdi.
Axırda Hacı ondan:
– Oğlum, sən kimin oğlusan? Haralısan? Nə üçün belə kədərlisən? – deyə sual etdi.
Aslan utana-utana öz macəralarını ona söylədi. Hacının isə ona ürəyi yanıb dedi:
– Gəl mən səni nökər saxlayım.
Aslan məmnuniyyətlə razı olub Hacıdan xahiş elədi ki, pulsuz da xidmət eləməyə hazırdır. Ancaq belə olsun ki, iki nəfər yetim qardaş və bacısının dolanmasına da Hacı etina etsin.
Hacı həyətdə olan kiçik daxmanı Aslana verdi ki, orada öz qardaş və bacısını sakin eləsin. Hacı həmişə də xörəkdən artıq qalanları və bəzi bu tövr şeylərlə onları saxlayırdı. Aslan isə can-dildən Hacıya xidmət edirdi. Yeməklərindən əlavə ayda beş manat da Aslana verirdi ki, özü üçün gizlətsin. Aslan gecə-gündüz səy edir, çalışırdı, Hacı isə bunu görüb onlarla daha da gözəl müamilə edirdi. Fərhad və Züleyxa balaca Aslanın zəhməti sayəsində dolanırdı.
Bu vaxtdan on il keçdi. Aslanın məvacibi bir qədər artmışdı. Fərhadı isə Hacı məktəbə qoymuşdu; iki il qalmışdı ki, gimnaziyanı qurtarıb instituta girsin, oxuyub mühəndis olsun. Aslan isə əziz və bu qədər zəhmətlə saxladığı qardaşının dörd və ya beş ildən sonra mühəndis olub gələcəyini xəyalına gətirəndə şadlığından ağlayırdı və həmişə dua edirdi ki, ilahi, hər bəla ki ona gələcək, mənə gəlsin, çünki o, anamın əmanətidir…
Züleyxa böyüdükcə gözəlləşirdi; yanaqlarında olan qızartı, səhər vaxtı gün çıxmamış şərqdə göy üzünü bürüyən zərif qızartıdan daha gözəl, daha xoş idi. Hələ qızılgül yarpaqları kimi təravətli və ondan daha qırmızı olan, qanı axar dərəcəsinə qədər zərif olan dodaqları insanı badeyi-məhəbbət kimi bihuş edirdi.
Hacı Saleh qızı böylə camal sahibi görüb, oğlu Əsgərə təklif etdi ki, Züleyxanı alsın. O isə Züleyxanın sərvi-qamətinə, bulud kimi bürünən qara saçlarına çoxdan vurulmuşdu. Züleyxanın iri, qara gözləri kimin üzünə gülsəydi, onu əfsunlamazdı? Amma Əsgərin Aslandan çox acığı gəlirdi: o, çalışqan olduğuna görə atasının ona olan məhəbbətinə həsəd edirdi. Hər tövrlə olursa çalışırdı ki, onu evdən rədd etsin. Lakin atası onun sözünə baxmırdı. Züleyxanın da məhəbbəti qoymurdu ki, Aslana bir söz desin. Aslan nə qədər səy eləyirdi ki, Əsgərin hüsn-rəğbətini qazansın, mümkün olmurdu. Hacı Saleh çox çalışırdı ki, oğlunu oxutsun, ancaq Əsgər şarlatanlıqdan əl çəkib oxumadı. Nəhayət, Hacı, Züleyxanı almağı ona təklif etdi. Əsgər məmnuniyyətlə razı oldu. Hacı bu işi Aslana söylədikdə, Aslan bacısının dövlətli evində bəlkə xoşbəxt olacağını zənn edib, bacısına xəbər verdi. Amma Züleyxa, Əsgərin əziz qardaşı ilə olan pis rəftarını görüb, Əsgəri sevmirdi. Lakin qardaşının xahişinə əməl etməyə məcbur oldu; zira, görürdü ki, qardaşının hər bir işi Hacının əlindədir. “Bəlkə bu, qardaşımın da dolanacağına təfavüt elədi”, – deyə xah-naxah razı oldu.
Bir az keçmədi ki, Züleyxa gəlin gedib Əsgərin arvadı oldu. Hacının Aslana olan məhəbbəti daha da artdı. Amma Əsgərin Aslana olan münasibəti get-gedə pisləşirdi. Ola bilsin ona görə ki, qorxurdu bəlkə atası Aslanı da onunla öz malına şərik elədi.
Çox keçmədi, Hacı vəfat etdi. Əsgər iki gündən sonra Aslanı evindən çıxartdı. Aslan isə naçar öz qardaşını götürüb bir balaca ev tutub, orada sakin oldu. Züleyxa ərinə nə qədər yalvardısa da Aslana kömək etsin, Əsgər deyinib ona acıqlanırdı. Züleyxa bir tərəfdən ərinin rəftarını, digər tərəfdən qardaşının zəlalətini görüb, gün-gündən sınıxırdı. Aslanın indi bir qədər pulu var idi, Fərhad oxuduğu üçün ona xərcləyirdi.
Lakin bir qədər pulla alış-veriş etdi. Amma get-gedə pulu azalırdı: o qədər ki, Fərhad ondan pul alırdı, o gərək dövlətli olaydı ki, buna davam gətirəydi, ancaq Aslan deyirdi: “Canımı da istəsə, onun yolunda qoyaram. Oxuyur, qoy oxusun, qurtarsın, sonra o mənə kömək edər”.
Amma Fərhad daha əvvəlki kimi dərsinə səy edib həvəslə oxumurdu. Məktəbin axırıncı sinfində idi ki, yoldaşları bir-iki dəfə onu güclə bulvara, bağa və bəzi yaramaz yerlərə apardılar. Fərhadı bir neçə qızla tanış etdilər. Əvvəlləri Fərhad çox fikir verməyib qızları başından rədd etmək istəyirdi. Amma sonradan yavaş-yavaş ürəyində elə bir hiss oyandı ki, daha özünü saxlaya bilməyib, o hissə tabe olmağa məcbur oldu. Şəhvət hissi Fərhadın ürəyində bir dərəcəyə çatdı ki, tamam dərs, məktəb nəzərindən qeyb oldu.
Əvvəlləri Fərhad qardaşının çəkdiyi zəhmətləri, onun üçün çalışmasını görüb, ürəyində deyirdi: “Mühəndis olan kimi qardaşımın başının altına bir qu balış qoyub, heç bir işə onu əl vurmağa qoymayacağam. Mən qazanacağam, o yeyəcək. Bəlkə bu tövrlə onun xəcalətindən çıxam”. Qardaşının güzəran üçün çətinlik çəkdiyini görüb utanardı. Amma indi tamamilə dəyişmişdi. Qardaşının etdiyi yaxşılığı unutmuşdu. Fikrində bulvar qızlarından başqa bir şey yox idi. Məktəbə gəlir, bir tövrlə bir saat oturursa, az qala bağrı çatlayırdı. Tez durub özünü bulvara salır, gah o qızın, gah bu qızın dalınca düşürdü. Gündə də gəlib Aslana deyirdi ki, mənə filan şey lazımdır… bir beş manat ver, filan şey üçün də on manat lazımdır…
Aslan da hər gün öz fəhləliyində olub, Fərhadın işindən xəbəri yox idi. Ancaq dərs pulu, kitab pulu verirdi. Bir vaxt Aslan gördü ki, qəpik pulu qalmayıb. Lakin o, qardaşının başqaları yanında xəcalət çəkməsini istəmirdi. İndi o, daş işində işləyir, gecələri isə evə gəlib özünə və qardaşına xörək hazırlayırdı. Fərhadın isə ürəyi elə bərkimişdi ki, gündə qardaşının qazandığını, “Mənə filan şey lazımdır”, – deyə alıb xərcləyirdi. Ömründə bir dəqiqə rahatlıq görməyən Aslan Fərhada güldən ağır söz demirdi. Onu görəndə, ürəyində olan dərdlərə baxmayıb, yalandan da olsa gülümsəyirdi ki, qoy Fərhadın ürəyi şad olsun. Bu zəhmətkeş insan həmişə çalışır, amma Fərhad onun əməyini puç edirdi. Şəhvət hissi Fərhadı tamamilə çaşdırmışdı.
Bir gecə Fərhad bir başqası ilə bir qızın dalınca düşüb tanış olmaq istədilər. Qız onlara dedi ki: “Altmış manata bir üzük var, hansınız onu mənim üçün alsanız, onunla tanış olaram”. Fərhad tez evə gəldi. Bu vaxtı Aslan özü və qardaşı üçün xörək bişirirdi. Öz fəqirliyini düşünüb çəkdiyi zəhmətlərdən inləyirdi. Amma Fərhadın mühəndis olacağı yadına düşəndə, sanki gözlərinə işıq gəlirdi: “Barı o mənim kimi hambal olmaz, bir parça çörək sahibi olar”.
Aslanın bir fəxri vardısa, o da Fərhaddı. Hara getsə, kimi görsə, Fərhadı tərifləyirdi. Amma Fərhadın yaramaz hərəkətlərə qoşulması heç yuxusuna da girməzdi. O heç güman edə bilməzdi ki, Fərhad onun bu qədər zəhmətini görüb, belə pis işlərin yanından da keçsin.
Fərhad evə çatanda üz-gözünü turşudub, bir tərəfdə oturdu. Aslan Fərhadı pərişan görüb nə olduğunu soruşdu. Fərhad bilirdi ki, Aslan onun halını mütəğəyyir görüb tez soruşacaq. Ona görə də özü bir söz deməyə hacət görmürdü.
Fərhad Aslanın sualına cavab vermədi. Aslan dübarə soruşdu:
– Qardaşım, nə olub? Halın niyə pərişandır?
Fərhad yalandan üz-gözünü daha da yığıb dedi:
– Mənə bir mühəndis dəzgahı lazımdır ki, qiyməti altmış manatdır, hərgah bu gecə ondan alıb aparmasam, məni məktəbə qoymayacaqlar. İndi bu saat da məktəbdən gəlirəm.
Aslanın ürəyi inlədi. Bu saat heç bir qəpiyə də gümanı yox idi. Gündə bir manata işləyən adamın altmış manat pulu tapılarmı? Onsuz da bu qədər xərc-məxaric… Hələ 15 gün olmaz ki, Fərhad gəlib yalandan demişdi ki: “Məni sabah paltarsız məktəbə qoymayacaqlar, təzə qanun çıxıb ki, gərək paltarların hamısı bir tövr olsun. Ucuz paltar da əlli manatdır. Aslan o vaxt axırıncı qəpiyinə qədər qoyub paltar almışdı, indi isə bir qəpiyi də yox idi. Bir yandan da Fərhadın fəlakətini təsəvvür edib düşünürdü: “Neçə ildir zəhmət çəkirik… mən də, o da… Heç rəvamıdır, indi onu qovsunlar… bütün zəhmətimiz puça çıxsın?..”.
Aslan hərçi fikir etdisə, heç bir gümanı gəlməyib, naçar qardaşının başını qucaqlayıb dedi:
– Fərhad, qardaşım özün görürsən ki, indi mənim bir qəpiyim də yoxdur. Nə qədər də borcluyuq. Olmaz ki, yalvarıb beş-altı gün möhlət alasan, görək bəlkə, Allah bir yerdən yol açdı, düzəltdik. İstəyirsən, məni də apar, gedim, yıxılım müəllimlərin ayağına, bəlkə, möhlət verdilər.
Fərhad özü bilirdi ki, qardaşının heç bir şeyi yoxdur, amma ürəyi o qədər bərkimişdi ki:
– Olmaz, – dedi, – mən çox yalvarıb ağladım, baş tutmadı.
Aslan çox fikirləşdi. O kimdən pul ala bilərdi? Belə bir adam yox idi. Axırda gümanına bircə bacısının əri gəldi. Bilirdi ki, onun da ondan acığı gəlir. Amma çarəsizlikdən durub:
– Sən dayan, mən görüm nə çarə edərəm, – deyə yavaş-yavaş pərişanhal qapıdan çıxıb, qorxa-qorxa bacısının yanına getdi.
Biçarə Züleyxa daha əvvəlki Züleyxa deyildi; dərd-qəmdən saralıb solmuşdu.
Aslan yavaşca Züleyxaya əhvalatı bildirdi ki, Fərhad altmış manat pul verməzsə, onu məktəbdən qovacaqlar.
Züleyxa ərinin yanına getdi, ona yalvarıb qardaşına bir az əl tutmasını təmənna etdi. Əsgər çığıraraq:
– Yenə yapışdın yaxama! – deyə Züleyxanı itələyib yıxdı. – Doğrudan da, yolçu tayfasısınız, bir adamı tanıdınızmı, daha əl çəkməzsiniz.
Züleyxa gəlib ağlaya-ağlaya əhvalatı Aslana söylədi, o da naümid evə qayıtdı. Yol ilə gedə-gedə fikir edirdi; birdən yadına düşdü ki, Hacı Saleh öləndə öz qızıl saatını ona bağışlamışdı. Tez onu aparıb qonşularına 65 manata satdı, pulu gətirib Fərhada verdi. Fərhad isə fərəhnak pulu aparıb üzüyü aldı. Həmin Liza xanımla tanış oldu. Daha ondan başqa heç kəslə gəzmirdi. Bu tövrlə Fərhad ölə-ölə məktəbi tamam etdi. Aslan borc-xərc pul düzəldib, onu Kiyevə instituta göndərdi.
Fərhad orada da gecə-gündüz gəzirdi. Belə insan öz işində böyük bir məharət göstərə bilməz. Ölə-ölə tələbə yoldaşlarının dalınca sürünürdü. Həftə səkkiz mən doqquz, kağız yazıb Aslandan pul istəyirdi. O da min zəhmətlə yığdığı, öz boğazına qıymadığı beş-altı şahını Fərhada göndərirdi. Aslan gündüzlər işləyir, gecələr də keşik çəkirdi ki, bəlkə xərci ödəyə bilsin.
İl qurtardı. Fərhad evə gəldi. Aslan qardaşını görcək, onun boynunu qucaqlayıb, şadlığından ağlamağa başladı:
– Fərhad, əziz qardaşım, necəsən? Dərslər necə gedir?
Fərhad o saat dedi:
– Mən hamıdan yaxşı oxuyuram, mənim kimi bir nəfər orada oxuyan yoxdur.
Fərhad yalandan özünü təriflədikcə, Aslan şadlığından, fərəhindən az qalırdı göyə uçsun. Gah gülür, gah gözləri yaşarırdı, gah da qardaşının üzündən öpürdü, istəyirdi lap onu yalasın. Bu gecə Fərhad üçün plov bişirdi. Aslan bir dəqiqə ayrılığına dözməyən qardaşını bir il idi ki, görmürdü.
Züleyxa da xəbər tutdu, ərinə yalvarıb rüsxət alaraq qardaşıgilə getdi. Zəngin bir evdən gəldiyi üçün, Aslanın fəqiranə, miskin və məhzun daxmasını görüb tez Fərhadı deyil, əvvəlcə Aslanın boynunu qucaqlayıb ağladı. Aslan da Züleyxanın solğun rəngini görüb ağladı. Vaqiən, Əsgər Züleyxanı çox incidirdi. Hər bir söz üçün onun üstünə çığırırdı. Özünə bir rus qızı tapıb gecə-gündüz onunla olurdu.
Aslanın acığına bir ildə Züleyxanı bir dəfə də qardaşının evinə qoymamışdı. Lakin Züleyxa hamısına dözür, səbir edirdi. Bilirdi ki, ərindən çıxarsa, qardaşından başqa elə bir adam yoxdur ki, onun yanına getsin. Qardaşı da özünü ancaq saxlaya bilirdi. Hərdən Züleyxanın ürəyi az qalırdı çatlasın, lakin əlacsızlıqdan dözürdü, gözləyirdi ki, “Qoy Fərhad qurtarıb gəlsin, əli bir yerə yetişsin, yəqin ki, məni bu halda qoymayacaq, mühəndis bir adama məni saxlamaq ağır olmaz”. İndi isə öz qardaşlarını zəhmətə salmamaq üçün hər əzaba, hər zülmə dözürdü.
Onlar hər üçü bir yerdə şad çörək yedilər. Sabahı Züleyxa evlərinə getdi.
Fərhadın getmək vaxtı idi. Aslan bir qədər pul tədarük edib ona verdi.
– Başına dönüm, Fərhad, görürsən biz nə haldayıq. Dərslərində səy elə, bacımızı da incidirlər. Sən də gəl bizim əlimizdən bir qədər tut. Görürsən mən işləməkdən necə zəifləmişəm. Bacımızı da gördün, necə rəngi saralıb solmuşdur. O biçarənin də zəhməti ağırdır. Fərhad, başına dönüm, elə elə ki, bir az tez qurtarasan. Bizim indi bir ümidimiz sənə gəlir…
Fərhadın ürəyi bu sözlərdən bir qədər yumşaldı, öz-özünə söz verdi ki, hər bir şeyi atıb oxuyacaq. Amma Aslandan ayrılandan sonra hamısı yaddan çıxdı. Yenə mariyalar gözünün qabağında süzüldü.
Aslan çalışdı, vuruşdu, işlədi, zəhmət çəkdi, qeyrilərə yalvardı, öz paltarını satdı, ilan kimi qabıqdan çıxdı, axırda on dörd ildən sonra məqsədinə yetdi. Fərhaddan kağız gəldi ki, mühəndislik diplomunu almışdır, mayın 12-də gəlir.
Beş-altı gün Aslan şadlığından yata bilmədi. Xırda uşaq kimi atılıb-düşürdü. Bacısının ürəyini şad etmək üçün tez kağızı aparıb ona verdi. Təbii, o da Aslandan az sevinmədi. Fərhad gələcək deyə, Aslan kiçik daxmasını nizama saldı.
Fərhad gündüz saat 10-da vağzala gələcəkdi. Aslan isə “vaxt keçir” deyə, obaşdan gedib vağzalı kəsdirib oturdu. Vaxta hələ altı saata qədər qalmışdı. Lakin Aslan gah o yana, gah bu yana gedir, tələsirdi, az qalırdı ki, tələsməkdən bağrı çatlasın. Əlli dəfə ondan-bundan soruşdu ki, qatarın gəlməsinə az qalıb, ya yox. Ona hər dəqiqə bir il kimi gəlirdi. Axırda qatar qara div kimi ləhləyərək gəldi. Aslan şadlığından və tələsdiyindən istəyirdi ki, qatarın qabağını əli ilə saxlasın.
Fərhad əlində şapka vaqondan düşdü. Aslan yüyürüb:
– Can, qardaşım! Gözlərimiz aydın olsun! – deyə Fərhadın boynuna sarıldı.
Aslanın paltarı köhnə olduğu üçün Fərhad onu tez geri itələyib, yanında olan və yolda onunla gələn qızlara dedi:
– Bu bizim nökərimizdir, – Aslana bir az burada ona yaxın durmamağı tapşırdı. Aslan qardaşının mühəndis olduğu üçün şeyini əlində aparmasını layiq bilmədi. Doğrudan da tez, nökər kimi, çamadanı Fərhadın əlindən alıb yola düzəldi. Fayton çağırıb mindilər, evə getdilər.
Aslan daha şadlığından bilmirdi nə etsin. Bu gün Aslan üçün böyük bir bayram idi. Neçə ildən bəri çəkdiyi zəhmət bir bu gün üçün idi. Züleyxa da gəldi. Onların hər üçü axşama kimi bir yerdə qaldılar. Əsgər də Fərhadın yanına gəldi. Qonşulardan da gələn oldu. Hamısı Aslana gözaydınlığı verdi. Fərhad öz kağızını göstərdi: 1916-cı ildə mayın 8-də həmin şəhadətnamə Fərhada verilmişdi ki, o, Kiyev Sənaye institutunda oxuyub mühəndislik diplomu almışdır.
Fərhad kağızı oxuyanda Aslan şadlığından bilmirdi nə etsin. Hamısı sevinirdi. Bu ona görə idi ki, müsəlmanlardan oxuyan az-az tapılırdı. Fərhad mühəndisdir, deyə qonşular Aslana da hörmət etməyə başladılar. Aslan bunu görüb daha da fərəhlənirdi. Əfsus ki, Aslan dalda onu nələr gözlədiyini bilmirdi.
Bir azdan sonra Fərhad mühəndis vəzifəsində qulluğa girdi. Ayda hələlik 200 manat məvacib alırdı. Bunun 100 manatını Aslana verib, yüz manatını da özü xərcləyirdi. Amma bulvar, klub və bu kimi yerlər üçün 100 manat da azlıq edirdi.
Aslan, pərvanə şam başına dolanan kimi, Fərhadın dövrəsinə fırlanıb ona xidmət edirdi. Bir neçə ay Aslan bu minval ilə dolandı. İndi onun özünün də bir qədər pulu var idi, çünki daha Fərhad üçün xərcləmirdi, əlavə olaraq hələ Fərhad da ona bir qədər pul verirdi. Bütün ömründə Aslanın keçirdiyi bəxtiyar günlər bu bir neçə ay oldu. Bu arada qonşuları Aslana məsləhət gördü ki, yaxında olan Gülzar adlı bir qızı alsın. Aslan şübhəsiz ki, bu işə məmnuniyyətlə razı idi. Lakin xahiş etdi ki, Fərhad ondan kiçiksə də, yenə ona məsləhət eləsinlər.
Bu sözü qonşuda olan arvad Fərhada söylədi. Fərhad çox şadlıqla razılıq verdi. Həmin arvad Gülzarın anasının yanına elçi gedib razılığını bildi və iki nəfər kişini atasının yanına göndərib, nəhayət Gülzarı Aslan üçün aldılar.
Bir neçə vaxtdan sonra toy edib Gülzarı gəlin gətirdilər.
Toy gecəsi idi. Onsuz da gözəl və sevimli olan Gülzar bu gecə daha başqa bir lətafət əxz etmişdi. Onsuz da həmişə gül yarpaqları kimi qırmızı və zərif olan yanaqları, bu gecə, gəlinlik bəzəyindən sonra daha da gözəl bir rəng almışdı. Gülzarın bədrilənmiş ay kimi gözəl üzünü bulud kimi pərdələyən qara saçlarına bu gecə daha diqqətlə şanə çəkilib nizam verilmişdi və tam diqqətlə vurulmuş çətiri Gülzarın alnına tökülüb insanı əsir edəcək dərəcəyə qədər lətafətli idi.
Aslan da bu gecə təzə paltar geymişdi.
Gecə keçdi. Sabah oldu. Aslan üç gün bayıra çıxmadı. İndi o özünü bəxtiyarlığın son pilləsində görürdü və sevincindən üzünü Allah-taalaya tutub deyirdi:
– Pərvərdigara, şükür olsun sənin dərgahi-mərhəmətinə ki, illərcə iki qardaş çəkdiyimiz əzabdan, məşəqqətdən sonra axırda bizə xoşbəxtlik qapılarını açdın.
Aslanın daha bir qəmi yox idi. Bir fikri vardısa, o da qardaşını evləndirməkdi. Lakin Fərhad həmişə eyş-işrətdə olduğu üçün, hər yerdə özünə bir həmdəm tapdığından özünü hələ zəncirləmək istəməyib, Aslanın sözlərini rədd etdi.
İndi Fərhad üç yüz manat alırdısa da, Aslana əvvəlkindən artıq verməyib, iki yüz manatını həvavü-həvəsə xərcləyirdi. Hələ o yüz manatın da dalınca ürəyi qalırdı, amma keçmişləri yadına salıb dinmirdi. Hərdən ürəyinə gəlirdi ki: “Nə vaxta qədər mən öz pulumdan Aslana xüms verəcəyəm?”
Bəli, siz də gərək rəyimə şərik olaraq etiraf edəsiniz ki, hər ürək Aslanın mərhəmət, qeyrət və səxavətlə dolu olan ürəyi kimi alicənab ola bilməz və hər qardaş da mütləq Aslan ola bilməz ki, qardaşın həyatını təmin etmək üçün öz axırıncı paltarını da satsın. Amma yenə nə qədər daşürəkli qardaş olsa Fərhad ola bilməz ki, Aslan kimi qardaşına mühəqqər bir məbləği verəndə ürəyinə belə çirkin xəyallar gətirsin. Bilirəm, indi sizin ürəyinizə gəlir ki, bu sayaq qardaşımız olsaydı, canımızı ondan əsirgəməyib, qul kimi qabağında işləyib, qiblə yerinə ona səcdə edərdik. Amma yenə, məncə, bu da səhvdir, Fərhad ümumi qanundan bir o qədər də uzaq deyil. Məgər bizim hamımızın da olmasa, çoxumuzun evində qeyri adlar altında eynilə bir Aslan yoxmudur?! Bəli, təbiət həmişə Aslan kimi yüksək ruhlu, pak və safürəkli mücahidlər yetirir. Amma biz onun elədikləri fədakarlığı ancaq ölən vaxt düşünər və bir azdan sonra onu unudarıq. Zənnimizcə, Fərhad gələcəkdə alçaq təbiətini zühura verməsəydi, ümumi qanundan çox da uzaqlaşmazdı və tamam gücümlə öz qəhrəmanımı müdafiə edib, məzəmmət olunmasına yol verməzdim. Amma əfsus ki, Fərhad alçaqlığında bir qədər ümumiyyətdən irəlilədi.
Bəli, Aslangilin evi Gülzarın cəmali-dilarası ilə bəzədilmişdi. Gülzar azadə bir quş kimi gün-gündən gözəlləşirdi. İndi Aslan da işləyirdi, Fərhad da. Onlar heç bir şeydən çətinlik çəkmirdi. Ona görə Gülzar da qeydsiz, fikirsiz yaşayır, həmişə yeni, gözəl paltarlar geyirdi. Gülzarın sərv kimi uca boyu, şux yerişi, ahu kimi süzgün baxışı hər baxanı məftun edirdi.
Təbiidir ki, Aslan arvadını Fərhaddan gizlətməzdi, zira, onu özü bilirdi. Fərhad da Gülzara heç fikir verməzdi. Hərdən nəzəri Gülzarın naz ilə süzülən iri, qara gözlərinə sataşanda, ürəyi yerindən oynayıb tez nəzərini başqa yana döndərirdi. Fərhad gözəl və cavan bir oğlan olsa da, Gülzar ona ayrı bir nəzərlə baxmırdı. Nə səbəbə də baxsın ki, müsəlmanlarda alçaq təblik ola bilməz ki, öz qardaşının arvadına bacı nəzərindən başqa qeyri bir gözlə baxsın.
Yavaş-yavaş yay gəldi. Məxluq bağlara köçdü. Fərhadgil də bağa köçdülər. Gülzar öz qulluqçusu ilə bağda, Aslan ilə Fərhad şəhərdə öz işlərində olurdular. Arabir hərəsi bir neçə günlüyə bağa gedib, yenə də qayıdırdı.
Yayın orta ayı idi. Fərhad istidən dayana bilməyib bağa getdi. Aslan şəhərdə qaldı. Gözəl yay gecəsi idi. Hava sakitdi. Ay çıxıb bütün aləmi müzəyyən bir ziya ilə münəvvər etmişdi. Bağda olan meynələr öz yarpaqları ilə yumşaq qumun üstünü örtmüşdü. Təbiət olduqca gözəl bir mənzərə almışdı. Gülzar ipək bir köynək geymiş, döşünü açmış və gecənin lətafətindən məftun olaraq, bağın içində zərif yarpaqlar arasında bir quş misalı həzin bir halda gəzişirdi. Uzun, şəvə saçları gəlinlərə məxsus şux çiyinlərini qara bulud kimi bürümüş və əsən xəfif küləkdən arabir ləpələnirdi. Hava gözəl olduğundan Gülzarın yanaqları daha da xoşrəng olub duru-al bir rəng almışdı. Zərif ləbləri bir lalə kimi yanırdı. Fərhad da gecənin gözəlliyindən həzz alaraq bir meynənin altında, yumşaq qumun üstündə uzanmışdı. Gülzar bağın içində gəzişib Fərhadın yanına çatdı. Buradan daha keçməyib Fərhadın yanında oturdu və qulluqçuya dedi ki, bağın içinə onlar üçün çay gətirsin. O saat qulluqçu çay gətirdi.
Aydınlıq, sakit yay gecəsi, yumşaq qumun üstü zərif, yaşıl yarpaqlara bürünmüş, hər yandan üzüm salxımları sallanmış, bir tərəfdə də çay – belə fövqəladə lətif bir mənzərə! Gülzar ilə Fərhad söhbət edirdilər.
Gülzarın təbii olaraq naz ilə kəsmə-kəsmə danışması və danışdıqca gözəllərə məxsus olan bir tövrlə gözlərini süzüb özünü əzməsi, Fərhadı, səyinə baxmayaraq, az qalırdı bihuş etsin. Hərdən Fərhadın gözü Gülzarın lalə kimi qızarmış yanaqlarına sataşanda, onun ürəyində bir hiss oyanırdı, amma yenə Aslan yadına düşüb, gözünü qeyri bir tərəfə döndərirdi. Onun ürəyində iki hiss bir-biri ilə mübarizə edirdi: gözəllik və lətafət arasında Gülzara qarşı yaranmış məhəbbət, bir də, qardaşlıq vəzifəsi.
Bir dəfə çay içdilər. Dübarə çay gəldi. Fərhad artıq, demək olar ki, bihuş bir halda idi. Gülzar da özünü belə hiss edirdi. Xəlvət, səssiz bağ içi. Yarpaqlar arası. Aydınlıq gecə. Şux və həvəsli bir qız, yanında gözəl bir oğlan. Gülzar hərdən iri gözlərini Fərhadın cavanlıq şəhdi ilə ləbaləb olan gözəl üzünə dikib baxırdı. Bir tərəfdən ərinin fikri, digər tərəfdən Fərhadın ürəyini bilmədiyi üçün onun qorxusu, o biri tərəfdən də şuxluq və həvəs. Onlar bir qədər bu halda söhbət elədilər.
Ətrafda səs yoxdu. Ancaq arabir ilbizlər bir-birinə səs verib fit çalırdı. Xəfif bir külək arabir dilaviz rayihəsi ilə insanın ürəyini oxşayırdı. Budur, meh vurub Gülzarın saçlarını titrədərək Fərhadın üzünə səpdi. Fərhad yumşaq gəlin saçlarının üzünə toxunduğundan bilmərrə məst olub, saçların ətrindən mövcudiyyəti yadından çıxdı. Gülzar tez, vəhşi ahular kimi, başının hərəkəti ilə saçlarını çiyinlərinə atdı. Fərhad gözlərini qaldırıb Gülzarın qırmızı yanaqlarına dikdi. Gülzarın yanaqlarında elə bil ki, zərif dodaqlarında bir valehedici təbəssüm, iri gözlərində bir nişaneyi-eşq və həvəs görünürdü. Fərhad özünü saxlaya bilməyib ürəkdən bir ah çəkdi. Gülzar:
– Ox, Fərhad, – dedi, – belə gözəl bir mənzərəyə tamaşa edən insan da ah çəkərmi?
– Bəli, doğrudan da sizin isbati-vücudunuzla daha da gözəlləşən təbiət mütləq məni ah çəkməyə məcbur etdi.
– Mənim olmağımla təbiət əsla gözəlləşmir, xəta edirsiniz. Mən zənn edirəm ki, mənsiz təbiət daha gözəl olar, – deyə Gülzar naz ilə gülümsədi.
– Yox, təbiət nə qədər gözəlsə də, siz ondan daha gözəlsiniz.
Gülzar gözlərini süzüb dedi:
– Siz allah, Fərhad, mənə gülməyin. Mən nə qədər gözəl olsam da, sizdən gözəl ola bilmərəm ki, bir baxışla gözləriniz insanı məftun edir.
Fərhad Gülzarın fikrini anlayıb dedi:
– Ox, mən çox şad olub, özümü xoşbəxt hesab edirəm. Əgər siz mənə məftun olsaydınız… – Fərhad peşman olmuş kimi diksindi, – yəni onu demək istəyirəm ki, mənə heç kəs məftun olmaz.
Gülzar eşq və həvəsin kəsrətindən özünü tamamilə itirib, bir əlini Fərhadın dizi üstə və bir əlini o biri tərəfə uzadıb yerə uzandı:
– Ax, bu gün o qədər gəzmişəm ki, lap yorulmuşam.
Gülzar əlini Fərhadın dizi üstə qoyanda sanki Fərhadın bədəninə elektrik qüvvəsi keçdi. Fərhad tez Gülzarın qolunu qaldırıb üzünə tərəf apardıqda, Gülzar işvə ilə qalxıb gözlərini süzdü, Fərhadın üzünə baxdı. Onun gözlərində bir təbəssüm parladı. Fərhad Gülzarın əlini bəxtiyar dodaqlarına apardı. Gülzar əsla etiraz etmədi. Nazla gülərək:
– Ox, Fərhad, dinc dayan, – deyə başını Fərhadın çiyninə qoydu. Fərhad huşa gəlmiş kimi, tez əlini çəkdi.
Amma Gülzarın başını öz çiynində və yumşaq yanaqlarını üzünə yapışmış görəndə, daha dayana bilmədi. Gülzarın təbəssümlərlə oynayan gözlərinə bir də baxıb, hər iki qolunu onun boynuna salaraq, qanı axacaq qədər zərif olan dodaqlarını öz dodaqlarına sıxdı. Gülzar isə həvəs və eşqdən bihuş bir halda özünü Fərhadın ağuşuna atdı…
Xəyanət! İkitərəfli bir xəyanət! Bəli, bu gərdişin məlunanə hərəkəti! Zənnimcə, Fərhad kimi həris və məlun bir insandan belə bir xəyanətin baş verməsini gözləmək imkan xaricində deyildi. Biz Fərhadı çoxdan tanıyırıq və onun belə bir xəyanətini görəndə bizə təəccüb gəlmir. Amma Aslan, o zəhmətkeş və mərhəmətli insan, o insan surətində göydən enmiş mələk, Fərhadın xəbisliyini bilmədiyi üçün və ona başqa bir nəzərlə baxdığı üçün min nəfər də and içsəydi, belə bir işə inanardımı? Əsla! Aslan elmli deyildi, amma insaniyyətin tam mənası ilə axırıncı pilləsinə yetişdi və hamını özü kimi zənn edirdi. Hətta Fərhad oxumuş olduğu üçün onu özündən daha mərhəmətli, insaniyyətpərvər və safdil zənn edirdi. Odur ki Fərhadın belə bir xəyanət edəcəyini ağlına da gətirmirdi.
Məlumdur ki, Fərhad qardaşından elmli və bilikli idi. Aslan mərhəmətli və əxlaqı düzgün bir şəxs idi. Həmişə təcrübə olunsa görünər ki, insan, ola bilər ki, ziyalı olsun, mədəni olsun və bununla belə pozğun bir əxlaqa malik olsun. İnsan, ola bilər ki, aqil olsun, əqlən və fəhmən mükəmməl olsun, lakin əxlaqı pozğun olsun. Dərin bir ağla malik olan, elm və bilik sahibi olan bir şəxsə demək olmaz ki, hökmən bu şəxs əxlaqən və vicdanən düzgündür. Ola bilər ki, insan aqil və bilikli olsun, amma öz əql və biliyini pislik tərəfinə çevirsin. Azmı aqil var, oğurluğa və xəyanətə irişib, öz iti ağlını özü üçün bir alət edib, ondan sui-istifadə edir?! Əksərən də belədir. Bütün aqil və alim insanların çoxusu özü nəşr etdiyi qanuna özü riayət etmir, xalqa göstərdiyi yolla özü getmir, büruzə çıxardığı və xalqa tövsiyə etdiyi bir məsləkə özü boyun əymir. Onu demək istəyirəm ki, insan ola bilər ağıllı, elmli, bilikli olsun, amma insan olmasın. Əksi də ola bilər; elmsiz biliksiz və çox da dərin bir ağla malik olmayan bir şəxs Aslan kimi olsun. Bir kəlmə, alim olmaq asandır, insan olmaq çətin! Oxuyub Fərhad kimi vicdansız bir mühəndis olmaq asandır, amma Aslan kimi insan olmaq çətindir.
Bir neçə gündən sonra Aslangil şəhərə köçdülər. Artıq Gülzar Aslanı görmək istəmirdi. Bütün fikri-zikri Fərhadda idi. Fərhad da bir tövrlə Aslanı evdən rədd etmək istəyirdi ki, Gülzar ilə vaxt keçirməyə daha geniş bir fürsət tapsın. Bu aralıq biçarə Züleyxa evinə gəldi. Onu demək gərək ki, Əsgər Züleyxanı əsla döyməzdi, söyməzdi, amma elə rəftar edərdi ki, bu, döyməkdən də, söyməkdən də, betər idi. Çox olurdu ki, həftələrlə evə gəlmirdi. Bir dəfə qonşuluğunda olan iki nəfər arvad (ki, Züleyxa onları özündən çox istəyirdi) Züleyxagilə qonaq gəlmişdi. Züleyxa çox şad olub onları qonaqpərvərliklə qəbul etdi. Necə oldusa, xanımın balaca oğlu Əsgərin stol üstündə olan kağızına toxundu. Bundan ötrü Əsgərin əsəbi məcazlığı cuşə gəlib, dərhal xanımları evdən qovdu. Bu, Züleyxa üçün ölümdən betər deyildimi?! Bunu nəzərə almayan Əsgər başqa yerdə pul uduzar, lakin acığını Züleyxadan alardı. Odur ki Züleyxa çəkdiyi məşəqqətlərdən cana gəlib öz qardaşının evinə pənah gətirdi. Aslan Züleyxanı çox şadlıqla qarşılayıb, üzündən öpərək dedi:
– Qorxma, bacım, bilirəm çoxdandır əzab içindəsən, amma indi şükür olsun Allaha ki, bizim də işlərimiz çox yaxşıdır. Mən ayda yüz manata kimi qazanıram. Fərhad da üç yüz manat alır, məgər biz ölmüşük ki, sən əzab və məşəqqət çəkəsən? Eybi yoxdur, həmişə qardaşların evində böyüksən, anam öləndə səni mənə tapşırıb, mən də razı ola bilmərəm ki, sənə bir kəlmə ağır söz deyilsin.
Doğrudan da, Aslan bacısına bir gül qədər də ağırlıq düşməsinə razı deyildi. Amma Fərhad da bunu istəyirdimi? Yox. Məlumdur ki, Züleyxa evdə olanda Fərhad Gülzara yavuq düşə bilməyəcəkdi. Odur ki Züleyxanın evdə olmasına razı ola bilməzdi.
Züleyxa iki gün qardaşının evində qalandan sonra Fərhad mütləq geri qayıtmağını tələb etdi və Züleyxanın məlul-məlul baxan ala gözlərindən bahar buludu kimi yaş tökülməsinə baxmayaraq, məcburi Əsgərin evinə göndərdi. Bu iş Aslana nə qədər əzab versə də, bir şey edə bilmədi, zira o, Fərhadı da çox istəyirdi. Hətta o qədər istəyirdi ki, əgər bir şəxs Fərhadın adına onun canını istəsəydi, yəqinən ki, Aslan əsirgəməzdi. Bu məhəbbətlə Aslan Fərhadın xəyanətini xəyalına belə gətirə bilərdimi?
Axşam vaxtı Fərhad ilə Gülzar xəlvət evdə oturub, bir-birinə öz məhəbbətlərini izah edirdilər. Hər iki xəbis, öz xainanə və çirkin məhəbbətlərini yek-digərinə söyləyirdi: bu xainanə məhəbbətin ən dərin yerində, bir zamanda ki, Gülzarın nazik beli Fərhadın qolları arasında və dodaqları Fərhadın dodaqlarına sıxılmış idi, Aslan qapını açıb içəri girdi. Sanki bütün ev Aslanın başına fırlandı, gözləri qaraldı, bütün əzası lərzəyə düşüb titrəməyə başladı.
– Fərhad, – dedi, – illərlə çəkdiyim zəhmətlər unuduldusa, barı qardaşlıq vəzifəsi… Ox, Fərhad, mənə xəyanət…
Bu iş Aslanın zəif əsəblərini elə titrətdi ki, bihuş olub yerə yıxıldı. Fərhad bir də Aslanın üzünə baxa bilməyəcəyindən geyinib evdən getdi. Gülzar artıq öz canı üçün qorxurdu: zira, müsəlmanlar həmişə belə bir xəyanəti və təhqiratı qan ilə yuyurlar. Gülzar öz evlərinə getməyə də qorxurdu, çünki atası və qardaşı bu işdən hali olsaydılar, onu öldürərdilər.
O hara gedəcəyini, nə edəcəyini fikirləşirdi. Bu halda Aslan huşa gəldi və Gülzara tərəf gəldikdə, Gülzar qorxusundan stəkanda olan karbola kislotasını qapıb Aslanın üzünə atdı. Bu əcza qulluqçu naxoş olanda alınmışdı və təbib tövsiyə etmişdi ki, məbadə bu əcza üzünüzə və gözünüzə dəysin, bu, insanın ətini yandırar, gözünə tökülsə, kor edər. Gülzar öz canının qorxusundan belə müdhiş bir əczanı götürüb, ömründə bir dəqiqə rahatlıq bilməyən Aslanın gözlərinə atdı.
Əvvəl Aslanın gözləri cızıldadı. Aslan buna baxmayaraq hövlnak Gülzarın dalınca yeridi. Gülzar evə girib qapını bağladı. Aslan bir qədər çalışdıqdan sonra daha durmaq mümkün olmadığını hiss etdi: gözlərindən elə bir sancı qalxdı ki, dərəcəsini göstərmək qabil deyil, sanki bir kürə od onun gözlərinin içinə tökülüb yandırdı. Aslan gözləri yumulu çalışırdı ki, tez özünü həkimə yetirsin. Amma gah bu divara, gah o divara toxunurdu. Axırda qulluqçu onun əlindən tutub bayıra çıxardı və Aslanın xahişinə görə bir fayton çağırıb onu mindirdi. Aslan həkimə gedib məxşuş bir halda yalvardı ki, ona kömək etsin. Həkim tez Aslanın gözlərini yudu, dərman tökdü. Aslan bir yandan ömrünü yolunda sərf etdiyi bir şəxsin xəyanəti təsirindən, bir yandan da gözlərinin sancısından zar-zar ağlayırdı.
Fərhad həmin gün özünə bir evdə ev tutub, ahəstəcə bir arvad göndərib, Gülzarı qurtarmaq üçün öz yanına apartdırdı. Heç kəs bilmədi ki, Gülzar hara getdi. Atası və qardaşı onu nə qədər axtardılarsa, tapa bilmədilər.
Züleyxa qardaşına üz verən bədbəxtliyi eşidib tez özünü qardaşına yetirdi: qardaşını gözləri bağlı xəstəxana libasında görəndə az qaldı ki, bağrı çatlasın. Özünü qardaşının üstünə atıb:
– Ah, qardaş, axır qəza səni nə bəlalara saldı!.. Can, əziz qardaşım! – deyə ağlamağa başladı.
Aslan bacısının səsini eşitcək, qalxıb gözlərini açmaq istədi, amma mümkün olmadı. Gözləri yumuldu, əlini dolandırıb, qollarını bacısının boynuna saldı:
– Ah, bacı, görürsənmi mənə nələr edirlər?.. – deyə ağlamaqdan axıb bacısının qucağına yıxıldı.
Altı ay Aslan xəstəxanalar küncündə çürüyüb, olan-olmaz pullarını həkimlərə verdi. Amma gözləri bir də günəşin zərrin şüalarını görə bilmədi: gözləri ət gətirib, göz pərdələrinin qabağını örtdü. Həkimlər nə qədər çalışdılarsa, heç bir növlə Aslanın gözlərini həmin ətlərdən xilas edib sağalda bilmədilər. İndi Aslanın ürəyində heç bir şey yox idi, ancaq gecə-gündüz Allaha yalvarıb, barı bir gözünə zəif də olsa, işıq gəlməsini təmənna edirdi. Amma əfsus!.. Zaman dolanır, lakin Aslanın gözlərinə işıq gəlmirdi. Axırda Aslan bir tərəfdən tamam pullarının qurtardığından, digər tərəfdən də gözlərinin sağalmasından naümid olub, həkimlərdən əl çəkərək, öz evinə qayıtdı. Göz yox, bir yerdən gəlir yox, bu qədər dərd, qüssə, fikir, xəyalət, evdə tək bir həmdəm yox… İndi Aslan Allahdan ancaq ölüm istəyirdi.
Züleyxa tez-tez gəlib Aslana baş çəkirdi. O da dərddən lap sınıxmışdı, gözləri çuxura düşmüş, yanaqları saralmışdı.
Əsgər, Aslanın bu fəlakətini eşidib, nə qədər onu görmək istəməyirdisə də, indi ona rəhmi gəlirdi. Züleyxanın hər vaxt Aslana baş çəkib, ona müavinət etməsinə mane olmayırdı. Züleyxa qardaşının tək evdə qalıb daha da qüssə etdiyini və gündən-günə zəiflədiyini görüb, xəlvət evdə bağrı çatlamasın deyə, Əsgərə yalvardı ki, Aslanın evlərinə gəlməsinə razı olsun.
– Əsgər, əzizim, ola bilər ki, məni sevməyəsən, amma necə olsa, mən sənin övrətinəm, barı oğlumuzun xatiri üçün bu bir kəlmə sözümü qəbul elə: qoy Aslan gəlib evimizdə qalsın. Əsgər, başına dönüm…
Əsgər xah-naxah Züleyxaya ixtiyar verdi. O gündən Züleyxa öz qardaşını gətirib sakit elədi. Ancaq Aslan əvvəlki adam deyildi. Gecələri o, ağır yuxular görürdü. Biçarə, hövlnak ayağa qalxıb bağırır, qanlı yaşlar arasında deyirdi: “Ox, xain qardaş, mənə xəyanət, mənə zülm… Mən ömrümü sənin yolunda sərf etdim, bumu axırıncı mükafat?!”.
Züleyxanın balaca oğlu Kamil ilə o, bir tövr gününü keçirirdi. Amma Əsgər daima deyinir, bir iş olcaq qışqırır, bağırır, heç şey üstə Züleyxanı söyür, incidirdi. Aslan bunları eşidirdi, bacısının bu qədər əzab çəkdiyini görəndə ruhu inciyirdi. Lakin nə etməli idi?! Pullar qurtarıb, göz yox, dolanacaq yox, məcburən səbir etməli idi. Biçarə zəifləmişdi, qırışıq üzünü tük basmışdı, kədərli bir görkəm almışdı.
Kamil daima Aslanın yanında oturur, Aslan onun üçün nağıl danışıb güldürürdü. Kamil isə Aslanı ürəkdən sevirdi. Bir dəfə Əsgər çay içəndə Aslan gözü yumulu gəlib, birdən çaya toxundu. Çay Əsgərin üstünə dağıldı. Əsgər bundan təngə gələrək, o saat yerindən durub, Aslanın üzünə bir şillə vurdu. Aslan bir söz deməyib ağlamağa başladı və əlini göyə qaldırıb dedi:
– Pərvərdigarə, mən nə bəd əməldə olmuşdum ki, məni bu qədər zülmə düçar elədin?
Əsgər bunu görüb:
– Evimdə qaldığın bəs deyil, hələ bir məni qarğıyırsan da, – deyib Aslandan evdən getməsini tələb etdi. Züleyxa nə qədər yalvardısa, mümkün olmadı. Əsgər Züleyxanın da yalvarmasından təngə gəlib, ondan da evi tərk etməyi tələb etdi. Züleyxa kor-peşman qardaşının əlindən tutub, bacı-qardaş ağlaya-ağlaya öz köhnə evlərinə gəldilər.
Aslan gün-gündən zəifləyirdi. Züleyxa da hər gün ağlayır, Fərhada qarğıyırdı ki, nə üçün onları bu qədər bəlaya saldı. Hərdən Züleyxa Kamili küçədə görür, bağrına basıb ağlayırdı. Zalım Əsgər ananı öz balasından ayırdığı bəs deyil, Kamili anasının yanına getməyə də qoymurdu.
Aslan bütün olan-olmazını xərcləmişdi. Züleyxa hərdən ev şeylərindən satıb xərcləyirdi. Fərhad isə özünü Gülzarla bir xəlvətə çəkib rahat yaşayırdı. Fərhad arabir küçədə görünürdüsə də, amma Gülzarın harada olduğunu heç kəs bilmirdi. Fərhad qulluqdan çıxanda daha bir yana əyilməyir, tez evə qayıdırdı. Gülzar isə qorxudan əsla bayıra çıxmırdı. Bir dəfə qarı arvad Gülzarın anasıgilə gəlib, söhbət arasında birdən çaşıb dedi:
– Dünən Gülzar xanımgildə idim. Fərhad da… – Birdən işin gizli olduğunu düşünüb, səsini kəsdi. Gülzarın qardaşı bunu eşitcək tez qarıdan tələb etdi ki, Gülzarın yerini desin. Qarı əvvəl demək istəmədi. Amma Əhməd ölüm təhdidilə ona dedirtdirdi. Bu neçə vaxtda Əhməd bacısının belə namussuzluğundan narahat olub, daim intiqam qəsdilə onu axtarırdı. Bacısının xəyanətindən zəlalətə düşmüş Aslana tez-tez baş çəkirdi və ona az da olsa, şey alıb aparırdı. Gülzarın sorağını alcaq Əhməd çox şadlandı, bu gecə nə sayaq olsa üstlərinə atılan bədnamlığı bacısının qanı ilə yumağa qərar verdi.
Qarı bunu görüb, tez Gülzargilə gəldi, əhvalatı Gülzara söylədi. Gülzar da tez Fərhada dedi. Gecə Fərhad əhvalatı xəfiyyə polisinə xəbər verdi. Onlar da bir dəstə gəlib pusquda dayandılar. Gecədən bir qədər keçmiş Əhməd əlində bıçaq Gülzargilin evinə gəldi. Yavaşca özünü hazırlayıb qapını döydü. Bu halda xəfiyyəçilərdən biri qapını açdı. Əhməd içəri gircək dörd tərəfdən onu bürüdülər. Əhvalatı başa düşən Əhməd tez geri döndü. Bayırda onunla üz-üzə gələn xəfiyyəçini görüb, qaçmağa yol olmadığı üçün, əlindəki bıçağı onun ürəyinə sancdı. Polis nəfəri yıxıldı. O birilər tez yüyürüb Əhmədi tutdular. Bu anda onun üzü bir yerdə duran Gülzar ilə Fərhada sataşdı, hirsindən başı hərləndi:
– Binamus bacı, namussuz qardaş, heç tələsməyin, həyatda nə qədər mən varam, ləkələnmiş namusumun intiqamını sizdən alacağam. Əgər intiqam almamış ölərsəm, qoy xalq desin ki, namusu ləkələnmiş bir binamus dünyadan getdi.
Əhmədi birbaş həbsxanaya apardılar. İndi Gülzar ilə Fərhad heç kəsdən qorxmurdu. Bir Əhməd idi, o da həbsxanaya düşdü. Hökumət adamını öldürdüyü üçün neçə il həbsxanada yatacaqdı. Amma onları vicdan həmişə narahat edirdi. Bir şadlıq vaxtında Aslan yadlarına düşür, hər ikisinin rəngi saralıb sustalırdı.
Kamil on iki yaşında idi – məktəbə gedirdi.
Aslan ilə Züleyxa min əziyyət ilə dolanırdılar. Kamil gizlindən onların yanına gəlirdi. Aslan naçar qalıb evi satdı. Qeyri şeylərindən də çox qalmamışdı. Yavaş-yavaş hər şey qurtarırdı. Züleyxa dolanmağın mümkün olmadığını görüb bir evdə qulluqçu dayandı. Hər axşam qardaşının yanına gəlirdi.
Əsgər də özünə bir arvad almışdı. Arvad Kamili incitdiyindən Kamil qüssə edirdi, hər gün xəlvəti anasının yanına gəlirdi. Atasından aldığı xərcliyi gizlin anasına verirdi, hərdən də anasının ağladığını görüb deyirdi:
– Ağlama, ana, məktəbi qurtaran kimi səni hər dərddən xilas edəcəyəm, hələ indi mən də atamın əlinə baxıram.
Aslan lap taqətdən düşmüşdü. Daha tərpənə bilmirdi. Züleyxa min əzabla onu saxlayırdı. Bir gün o da naxoşladı.
Onlar günlərlə evdə ac qaldılar. Aslan o yan-bu yanı axtarıb tapdığı tör-töküntüdən bacısına verirdi, özü yemirdi. Hətta naçar qalıb, utana-utana dilənməyə məcbur oldu. Bir dəfə axşam vaxtı Fərhad yol ilə gedəndə dilənçiyə pul vermək istədikdə, birdən hövlnak geri atıldı, bu sifətdən dönmüş zəif dilənçini tanıdı, – o, ömrünü qardaş yolunda sərf edən Aslan idi. Tez bir beşlik verib, ətrafa baxaraq qaçıb getdi.
O gecə Fərhad xəyalatdan yata bilmədi. Züleyxa hələ naxoş idi. Qonşu arvad onlar üçün bir çörək gətirdi. Aslan ona təşəkkür edəndə, arvad ah çəkib dedi:
– Allah belə qardaşa lənət eləsin ki, səni bu bəlaya saldı, el arasında rüsvay elədi. İndi sənin halından heç xəbər də tutmur. Hələ üç gün bundan qabaq bir oğlu da olub.
Aslan bunu eşitcək tez ayağa qalxdı, lakin zəiflikdən özünü saxlaya bilməyib yıxıldı, bir də qalxdı:
– Ah, xain qardaş, – dedi, – ah, can anam! Mən əhdimə vəfa etdim, oğlunu saxladım… Daha tab gətirə bilmirəm…
Qonşu arvad getdi.
Züleyxa Aslanın halını pis görüb, tez yerindən durdu:
– Qardaş, – dedi, – heç fikir eləmə. Allah özü onlara cəza verər.
Aslan dedi:
– Yox, bacı, daha bəsdir mən bu qədər əzabla dünyada qaldım, sənə də əzab verdim. İndi mən gedirəm… anamın yanına… Səndən çox razıyam. Anama deyərəm ki, bir Züleyxa sənin sözlərinə əməl etdi. Məni, halal et, bacım, – deyə yerə yıxılıb öldü.
Züleyxa özü naxoş, bilmirdi ki, nə etsin. Tamamilə özünü itirmişdi. Anası yadigar qoyduğu örtüyü çıxarıb Aslanın üzünə sərdi. Pul yox idi, onu dəfn elətdirsin. Qonşular yığıldılar. Züleyxa biixtiyar ayağa qalxıb, Fərhadgilin evinə getdi ki, xəyanətin nəticəsini ona bildirsin. İçəri gircək, Gülzar illərdən bəri görmədiyi və görmək istəmədiyi Züleyxanı görüb, “burada bir iş var ki, bu bizə gəlib”, – deyə tez onun bayıra çıxmasını tələb etdi. Züleyxa bu işdən daha da qeyzə gəlib:
– Qardaşımın evidir, gəlmişəm, sənə nə var, – dedikdə, Gülzar qulluqçuya him elədi ki, Züleyxanı bayıra çıxartsın. Qulluqçu Züleyxanı itələyib, bayıra çıxartdı. Züleyxa qapıya söykənib ağlamağa başladı.
– Ah, nə səbəbə əziz qardaşımın intiqamını xain qardaşımdan almayım, – deyə yaxında olan aptek maqazininə gedib, bir az zəhər istədi. Aptekçi Züleyxanın halını görüb: “özünü öldürmək istəyir” deyə, vermədi. Züleyxa yalvarmağa başladı. Axırda aptekçinin ona yazığı gəlib, üstündə zəhər adı yazılmış bir şüşəyə bir qədər gülab töküb ona verdi. Züleyxa yavaş-yavaş Gülzargilə gəlib xörək otağına girdi və şam etmək üçün hazırlanmış qablara bir qədər zəhər tökmək istədikdə, Fərhad qapını açıb içəri girdi. Şüşəni onun əlindən alıb, üstündə zəhər adını görcək çığırıb dedi:
– Mənimi zəhərləmək istəyirsən?!
– Səni zəhərləmək istəyirəm! Səni!
Fərhad Züleyxanın boğazından yapışıb stol üstünə yıxdı və bir vaxt buraxdı ki, Züleyxa ölmüşdü. Fərhad bacısının tappıltı ilə yerə dəydiyini görüb, özünü itirdi və titrəməyə başladı. Bacısına rəhmi gəldi, tez yüyürüb onu qucaqladı və titrək əlləri ilə onu tərpətdi, öldüyünü bilib qalxdı, dal-dalı otaqdan çıxdı. Sabahısı qəzetlərdə yazıldı ki, məşhur mühəndis Fərhadın bacısı zəhər içib özünü öldürmüşdür.
Kamil bunu eşitcək tez məhəlli-hadisəyə gəldi. Şüşənin üstündə aptekin adını oxuyub, tez aptekçinin yanına getdi ki:
– Nə haqla anama zəhər satmışsınız?
Aptekçi məlum etdi ki:
– Mənim ona yazığım gəldiyi üçün zəhər əvəzinə, gülab vermişəm.
Kamil bunu eşitcək, tez həkim götürüb, ora getdi. Həkim, Züleyxanın cənazəsinə baxıb dedi ki:
– Bu zəhərlə ölməyib, bunu boğublar. Hələ boğazında da bəzi nişanələr qalıbdır.
Züleyxanın boğazındakı nişanın Fərhadın mürəkkəbindən olduğunu sübut etdilər. Kamil bu məlumatı və orada iştirak edən şəxslərin adını yazıb, sandığında gizlətdi.
İki bədbəxti, iki bədbəxt bacı-qardaşı bir gündə məzara tapşırdılar.
Fərhad bir qədər pul xərcləyərək, özünü qurtardı.
Lakin insanlar məhkəməsindən özünü pul ilə xilas edən Fərhad, vicdan və həya məhkəməsində də özünü xilas edə bilərdimi? Heyhat!..
Həya və vicdan Fərhadı içindən bir vəhşi kimi çeynəyir, iti çəngəlli bir pələng kimi onu didirdi. Fərhad hara gedirsə, bu hal onu təqib edirdi. Nə qədər şad və fərəh-əfza bir yerdə olsa, Fərhad bir qədər asudə qala bilmirdi. Şadlığın ən dərin bir yerində, zalım əlləri ilə Züleyxanın zərif boğazından yapışdığı gözünün qabağına gəlirdi. Fərhad dərhal hövlnak geri çəkilir, çırpınmağa başlayırdı, adamlar onun başına yığılırdı. Fərhad bir azdan sonra yenə ayılırdı. Bu, bir dəfə olmadı. Camaat Fərhadın dəli olduğunu zənn etdi. Doğrudan da, Fərhad daima əzab içində idi: o, sifətdən də dönmüşdü: həmişə tutqun, mütəfəkkir və qəmli idi: heç üzü açılmırdı. Tutduğu işlər xəyalından keçəndə öz-özünə deyirdi: “Ah, bu qədər də vəhşilik olarmı ki, mən etdim! Bu nə vicdansızlıqdı! Həyatını yolumda sərf edən əziz qardaşımı günəşin ziyasından məhrum edib, dilənçiliyə qədər endirdim. Yadımdadır o gecə… Bütün aləmi qaranlıq, hüzn, kədər bürümüşdü, mən yolla gedirdim, gördüm, iki gözdən kor olan qardaşım əllərini açıb yalvarır: “Din qardaşlarım mənə kömək edin, Allah sizi mənim kimi zəlil eləməsin!” Ah, öz bacımı, mən zalım, mən vəhşi öz əlimlə boğub öldürdüm… Əcəba, qiyamətdə anama nə cavab verəcəyəm?..”. Fərhad tamamilə özünü itirirdi. Bir gün qəbiristana getdi. Yanyana qazılmış iki qəbrin arasında oturub ağladı: “Ah, bağışlayın məni, mən sizə zülm etdim… Bağışlayın bir günahkarı ki, dizi üstə çöküb sizdən üzr istəyir…” Fəqət məqbərələrdən heç bir cavab almadığı üçün kor-peşman evə qayıtdı. Qulluğa gedirdisə də, gördüyü işlər nəzərindən keçirkən, durub o tərəf-bu tərəfə çırpınırdı. Gah da yalvarıb zarıldayırdı. Fərhadın artıq işə yaramadığını görüb, qulluqdan xaric etdilər. O tamamilə dəyişib, üzünü tük basmışdı, başının saçları ağarmış, gözləri çuxura düşmüş, sanki bir qədər bundan irəli şad, məsud və məşhur bir mühəndis olan Fərhad bu deyilmiş, bu ancaq bir dəli imiş.
Həmişə şad bir həyat sürməyə adət edən Gülzar buna davam edə bilməyib, Fərhada:
– Mən sənin evində bu qədər əzab arasında qala bilmərəm, al bu sənin uşağın! – deyə balaca uşağı Fərhadın üstünə atıb getmək istədikdə, Fərhad diqqətlə Gülzarın üzünə baxdı, zira, onu görmək istəmədiyindən çoxdan onun üzünə baxmamışdı: o saatda, bir gecə bağda keçirdiyi xainanə dəqiqələr yadına düşüb, cəld ayağa durdu:
– Ah, xain! Mənim bütün bu bədbəxtliyimə, bu əzabıma səbəb sənsən! Sənin xəyanətin bizim evimizi yıxdı. Bu bəs deyilmiş kimi, indi qeyrisinin də evini yıxmağa gedirsən. Yox, sənin nüfuzun altında bu qədər cinayətə mürtəkib olduğum üçün, bu qədər əzaba düçar olduğum üçün erkən solmuş xoşbəxt ailəmizin intiqamını səndən alacağam, xainliyinin cəzasını öz əlimlə verəcəyəm! Fərhad bunu deyib, Gülzarın boğazından yapışdı, boğub uşağın üstünə yıxdı: – Gör, bu da cəza… ədalət… mükafat… intiqam… – deyə məcnunanə addımlarla otaqdan çıxdı.
Fərhadı tutub həbsxanaya apardılar.
Bir neçə gündən sonra Kamil, yurist vəzifəsində gəlib, bütün anası barəsində cəm etdiyi məlumatı ədalət məhkəməsinə verdi, işin təzədən təhdid edilməsini tələb etdi. Mühakimə edilərkən Fərhaddan soruşdular: – Sənə isnad verirlər ki, Züleyxanı da sən boğub öldürmüşsən, nə ilə özünü safa çıxara bilərsən?
Fərhad əsə-əsə ayağa durub dedi:
– Bəli, doğrudur, mən öldürmüşəm, mən bədbəxt! Züleyxanı da mən öldürmüşəm, qardaşımın da gözlərinin kor olmasına mən bais olmuşam. O zamanlar mənim ürəyim daş kimi idi. Sonra həyatın iti pəncələri altında əzildim, didildim, özümün bu hala düşməyimə səbəb oldum. Məndən savayı bir xain də vardı ki, mənim bu hala düşməyimə çoxu o səbəb olmuşdu. Amma mən ondan öz intiqamımı aldım. İndi də xahiş edirəm ki, bacımla qardaşımın intiqamını məndən alasınız, – deyə Fərhad taqətdən düşüb, yerə yıxıldı.
Bir az keçəndən sonra ədalət məhkəməsinin üzvləri çıxıb məşhur mühəndis Fərhadın iyirmi il katorqa cəzasına məhkum edildiyini bildirdilər.
Fərhad, Züleyxa adını eşidəndə, yenə həmin müdhiş dəqiqələr gözü önündə durdu. Dizi üstə düşüb dedi:
– Bacım, Züleyxa bağışla məni!.. Gəlirəm qara üzlə sənin yanına… Bağışla məni… Oh, Züleyxa, günahkaram, bağışla!.. Ey məndən intiqam alan cavan, səndən çox razıyam ki, mənim tez həlak olub, əzablardan xilas olmağıma səbəb oldun. Barı gəl bu yaxşılığına görə üzündən öpüm.
Kamil Fərhadın acı halını görüb, imtina etməyib, yanına gəldi.
– Mən həmin qətlə yetirdiyin Züleyxanın oğlu Kamiləm, – dedi.
Bunu eşitcək Fərhad geri çəkildi.
– Get, mənim əllərim qanlıdır, sənin pak və müqəddəs bədəninə dəyməsin! Ancaq qiyamət günü anandan öz günahkar qardaşının əfv edilməsini xahiş edərsən. Get, əllərini mənim napak olan bədənimə vurma! Çəkil!.. – Fərhad əsərək, birdən yerə yıxılıb, ruhdan ayrıldı.
Axırıncı nəfəsdə Fərhadın ağzından ancaq bu sözlər eşidildi:
– Bağışla, Aslan!.. Bağışla, bacım Züleyxa!.. Gəlirəm… günahkaram… bağışla!
MƏNSUR VƏ SİTARƏ
Baharın orta ayı idi. Şəhərin kənarında olan böyük bir bağçada hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. Bu bağ dövlətli adamın deyildisə də, lakin sahibi Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzusunu qazanıb külfəti ilə bahəm bəxtiyar yaşayırdı. Aslan bağçaya çox qulluq etdiyi üçün, bağ şəhərin bütün başqa bağlarından gözəl idi. Hər tərəfdə ağaclar, sərvlər, çinarlar, alma, armud, gilas ağacları qayda və nizam ilə əkilib, aralarında alçaq göy ot bitmiş idi. Bağçanın ortasında bir hovuza dörd balıq buraxılmışdı ki, durulduğundan nur kimi parlayan suyun arasında cəld hərəkətləri ilə şad üzürdülər. Suyun zərif şəfəqləri hovuzu əhatə edən yaşıl ağacların üstünə düşüb keçəndə, ildırıma bənzədiyi üçün, bu lətafətə tamaşa edəni qüvveyi-bərqiyyə kimi mütəəssir edirdi. Ağaclarda cürbəcür güllər açılıb səmaya baxıb gülürdü. Xəfif əsən hava ney kimi bülbülün-xoş səsinə qatışıb, mahir bir musiqişünasın belə çala bilməyəcəyi lətif havalar çalırdı.
Hələ bu lətafətin üstünə hər səhər saf havada pərişan saçlarını kürəklərinə örtüb xuraman-xuraman seyr edərək, təbiətin bu gözəllik və lətafətinə tamaşa edən bir qızın bəxş etdiyi mənzəreyi-fərəhəfzanı artıranda, bağçanın dünya üzündə yaranmış ikinci bir cənnət, qızın isə dünya behiştini təzyin etməkdən ötrü səmadan enmiş bir mələk olduğu aşkar görünürdü. Qız şirmayı kimi ağ əllərinin birini şamama kimi qalxmış döşünün altına vurub, o biri əli ilə hərdən saçlarına nizam verirdi. Nazik ipək köynəyini həzin-həzin meh vuran bahar havası yelləndirdikcə, köynək yellənib haman dünya hurisinin süd kimi ağ bədənini yelləyir, qız isə, onsuz da sərv ilə rəqabət edən bülənd qamətini yüksəldib, ahular kimi təsviri naqabil bir nazü-nəzakətlə yeriyirdi.
Bu nəzakəti ilə nazənin qız hovuzun kənarına yetişib ən zərif xoş rayihə və yanaqları kimi qızarmış bir qızılgül dərib, şirmayı əli ilə abdal ləblərinə yaxınlaşdıraraq, gülün yarpaqları üstündə almaz qətrəsi kimi parlayan şəbnəmi-ruzigarı güldən daha zərif olan dodaqları ilə əmərək, bir vəhşi maral cəldlik və vüqarı ilə hovuz üstünə atılıb, qurulan kürsünün üstündə oturdu. Hovuzun kənarına atılanda, döşləri bahar yarpağı kimi əsib insanın ürəyini dəxi titrədirdi. Nazənin oturub atılanda, ay kimi parlayan üzünə tökülmüş saçlarını başının hərəkəti ilə çiyninə tökərək, iri və qara olduğu halda bir piyalə nur kimi şəfəq saçan gözlərini hovuzda üzən balıqlara dikdi.
Ah, təbiətin səhər vaxtı bu bağçada yaratdığı lətafət, zərafət və mənzənin yüzdə, mində, hətta milyonda birini təsvir etməyə bu sadə qamışdan yapılmış aciz qələmdə qüdrətmi olacaq? Heyhat, yox və yenə yox!.. İnsanları mədəni edib dünyaları, dəryaları, səhraları, hətta asimanları belə aciz insanların təhti-təsərrüfünə və tabeliyinə keçirən qələm ağ kağız üzərində qara sətirlər yazmaqla qüvvəyi-bərqiyyədən daha müdhiş, daha qorxunc silahlar yaradıb insanları ay və zöhrələrlə belə bəhs etmək cəsarətinə malik edən qələm, gözəl, abad binaları viran, lakin viran, xaraba yerləri abad və laləzara döndərən qələm!.. Bu gün təbiətin yaratdığı bu mənzəreyi-fövqəladə qarşısında aciz, mat və mütəhəyyir!!!
Qələmin belə aciz və bietibarlığını görəndə rəssamlara əl ataq! Əcəba, hansı rəssamdır ki, hovuz kənarında oturan nazənin qızın qızılgül kimi qızarmış yanaqlarını, yuxudan təzə ayıldığı üçün ahu baxışı ilə qırmızı, balıqlara baxan gözlərini, zalım cəlladlar şəmşiri kimi can almağa hazır olan qaşlarını layiqincə təsvir edə bilsin? Hansı rəssamdır ki, mahirliyinə məğrurən, o qanı axacaq qədər zərif və qırmızı olan dodaqlara, o xoşrəng gülün yapışıb bir-birindən seçilmədiyini təsvir edə bilsin? Heyhat, yenə yox! Onlar da, onlar da aciz! Mat və heyrət içində!
Əcəba, bu qız kimdir və kimə qismət olacaq!?
Bu qız Aslanın olub, adı Sitarə idi. Evlərində dörd adam yaşayırdı. Biri həmin qız, ata-anası və bir də bu qızın Mənsur adlı bir gözəl əmisi oğlu.
Mənsur altı yaşında ikən, atadan və anadan yetim qalmışdı. Aslan onu götürüb öz himayəsi altında saxlayaraq, Mənsurun elmə həvəskar olmağına rəğmən onu oxutdururdu. Mənsur böyük bir həvəslə oxumaqla bərabər, çox zirək və fərasətli olduğu üçün, arif olanlar gələcəkdə bu yetim cavanı gözəl səadət gözləyəcəyini bilirdilər. Mənsur on səkkiz, amma Sitarə on beş yaşında idi. Sitarə də oxuyurdu.
Aslan həmişə, hətta uşaqlıqdan bu vaxta qədər bunların mehriban dolanmağını görüb:
– Sitarə! Səni Mənsura verəcəyəm! – Mənsura da – Mənsur! Oxu, oğlum, Sitarəni sənə verəcəyəm, – deyə hər ikisini oxumağa həvəsləndirirdi. Lakin Sitarənin o nazənin bədəni oxumağın möhnət və cəfalarına dayanmadığı üçün, Mənsur öz dərsindən sonra böyük zəhmətlərlə Sitarənin oxumağına çalışıb, gələcəkdə onunla bir yerdə dolanacağını nəzərdə tutaraq, min məşəqqətlə dərslərini öyrədirdi. Sitarə də Mənsuru çox sevirdi. Hələ uşaqlıqdan Aslanın sözləri bu iki cavanı həvəsləndirib, bir-birinə məhəbbət zənciri ilə bağlayırdı.
Hər iki cavan gündə bağın içinə girib seyr edirdilər. Hələ iki il bundan qabaq hovuzun kənarında olan hündür çinar ağacının dibində bir-birindən ayrılmamağı əhd etmişdilər.
Budur, iki ay idi ki, Sitarə müəllimlik senzi alıb qurtarmışdı. Amma Mənsur dərsini tamama yetirmək üçün hələ beş il də oxumalı idi.
Amma heç kəs soruşmayır ki, bəs Mənsur hanı?
Ah, Mənsur! Bədbəxt cavan hündür çinar ağacının dibində məhzun və qəmgin oturub, bahar buludu kimi göz yaşlarını axıdaraq, hərdənbir məlul-məlul Sitarəyə tərəf baxıb, həzin və ağlar bir səslə:
– Ah, zalım zəmanə, rəhmsiz dövran, vəfasız övrətlər! – deyə ağlayır.
Bəs Mənsur niyə tək oturub ağlayır?
Budur, altı aydır Sitarə əhdini sındırıb, Mənsur ilə danışmaq belə istəmir. Hələ çoxdan atasına demiş ki:
– Mən Mənsura getmək istəmirəm, qonşumuzda olan dövlətli Salmanın oğlu Həsənə getmək istəyirəm…
Aslan bundan məhzun olub, nə qədər Həsənin biar, qumarbazın biri olduğunu deyərək, Sitarəyə nəsihət edirdisə, Sitarə eşitmək belə istəməyib:
– Mən Mənsura deyil, Həsənə gedəcəyəm! – deyə təkid edirdi. Zira Sitarə görürdü ki, Mənsurun əlində bir dövlət yoxdur. Kim bilir, beş ilə öləcək və ya qalacaq? Həsən isə, dövlətli olduğu üçün hər gün Sitarəyə bəxşişlər alıb gətirirdi.
Nəhayət, Aslan naçar qalıb, Sitarənin sözlərinə razı olmağa məcbur oldu. Budur, nişan gəlib, sabah toy olacaq, o biri gün də gəlin gedəcəkdir.
Biçarə Mənsur bu altı ayda, ələlxüsus bu bir neçə gündə divanə kimi olmuş, əlində pul, yarında vəfa olmadığı üçün, hər gün bu ağacın dibində oturub canyandırıcı nalələrlə ağlayırdı. Bivəfa Sitarə bu nalələri eşidib, bu qanlı göz yaşlarını görürdüsə, səng-dilanə bir tövrlə yanından keçərək, o tərəf-bu tərəfə gedib, hələ bir qədər istehzayanə nazlarla Mənsurun yaralarına duz səpirdi. Biçarə Mənsur isə onlara müqabil ağlamaqdan başqa bir çarə tapmırdı. Çox vaxt biçarə Aslan bu nalələri görüb, Mənsurun yanına gəlib:
– Oğlum, Mənsur, heç ağlama! Mən sənin üçün Sitarədən də gözəl bir qız taparam! Sən sevgili qardaşımın yadigarısan, – deyə ona təsəlli verərək, göz yaşlarını silib evə aparırdısa da, Mənsur sakit olmayıb, əmisindən ayrılan kimi yenə otağın qapılarını bağlayıb ağlamağa başlardı.
Artıq Sitarəyə yalvarmaqdan başqa bir çarə qalmadı. Bu gün ən ağır və qorxunc qədəmlərə cəsarət etmişdi. Bəlkə yalvarmaqla Sitarənin ürəyinə rəhm düşsün deyə, bu gün axırıncı qətrə həyat dərmanını içəcək! Sağalmasa? Axırıncı çarəni yalvarmaq bilib yalvaracaq: “Yox!” – desə nə olacaq? Düşünün! Əlbəttə ki, intihar!..
Budur, yarım saata qədər keçdi, Sitarə əvvəlki vüqarı ilə hovuzun kənarından atılıb evə tərəf yeriməyə başladı. Mənsur pozğun, zəlil bir halda qalxıb onun keçəcəyi yolda dayandı. Sitarə bunun yanından keçəndə, Mənsur zəlil dilənçilər kimi hər iki əlini bir tövr səfilanə ilə Sitarəyə tərəf uzadıb, iki dizi üstə yıxılıb:
– Ey gözəlim, mənə rəhm et!!! – dedi.
Amma burada Sitarə ona çatıb:
– Yol ver! – deyə onun yanından keçib getdi.
Mənsur əlləri bir qədər göydə qalıb, məzlum-məzlum Sitarənin dalınca baxaraq, biixtiyar gözünün yaşı axırdı. Sitarə evlərinə yol aparacaq alçaq pillənin üstündə bir əlini qapıya uzadaraq, başını isə çevirib Mənsura baxıb, yenə əvvəlki vüqar və vəhşiliklə rəhmsizcə evə girdi. Mənsur dizi üstə oturub baxdısa da, heç bir şey görməyib, yuxu ilə oyaqlıq arasında idi. Sitarə içəri girəndə Mənsur biixtiyar üzüqoylu yerə yıxıldı. Artıq Mənsur oyaq deyildi. Heç bir şey dəxi görüb eşitmirdi.
Biçarə Mənsur nə ətrafında baharın xəfif-xəfif uyuldayan yarpaqların uyultusunu, nə həzin-həzin nalələrlə gül başına fırlanan bülbüllərin nəvasını eşidirdi. Hətta əmisinin bağçasını seyr edəndə, bunu görüb yanına gəldiyini görmürdü. Əmisi Mənsurun halını görüb, o da ağladı. Əziz qardaşından yadigar qalmış Mənsuru – istəkli bir adamını torpaqlar üstünə sərilmiş görüb:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/dzhafar-dzhabbarly/hekay-l-r-68289376/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.