Sürgün
Saday Shakarli
Saday Şəkərlinin ilk şeirlər kitabı rus şairlərinin tərcüməsində 1985-ci ildə Rusiyada nəşr edilmişdir. Hazırda onun imzası dünyanın yüzdən artıq ölkəsində tanınır və təqdir edilir.
Şair 2015-ci ildə "Qurd ürəyi" romanına görə 10 il müddətinə həbs edilmiş, xarici təsirlərdən sonra azadlığa çıxmış və Avropada siyasi mühacir kimi sığınacaq almışdır.
Onun kitablarının nəşrinə vətəni Azərbaycanda qadağa qoyulmuşdur.
Bu kitabında şair öz oxucularının görüşünə iki poema və dörd illik həsrət, ayrılıq, qürbət şeirlərilə gəlmişdir.
Həm də ilk kitabının nəşrindən 40 il ötür, indilərdə şair 65 yaşını da vətəndən uzaqlarda yaşamaqdadır.
Saday Şəkərli Nobel mükafatı laureatı Aleksandr Soljenitsin Fondunun ömürlük təqaüdçüsüdür.
Saday Şəkərli
Sürgün
Şeirlər və poemalar
© Saday Şəkərli
Poemalar
Sürgün
(poema)
Cənnətdən qovulmuşların
sürgünüdür həyat,
istəyirsən iməklə,
istəyirsən sürün,
istəyirsən yaşa,
istəyirsən yat,
istəyirsən yaz-yarat,
yəni,
cənnətdən qovulmuşların
cəhənnəmindəyik,
gah ürəklərin ağrısında,
gah gözlərin nəmindəyik,
göz yaşının da yolu var,
gözlər əzabların bətni,
torpaq qəbridir,
yanaqlar səhradır,
göz yaşları
bir çığır açıb
yürüyər üzüaşağı,
ömrümüz
əzabların bətnindən
torpağa qədər bir yol,
yəni,
bir göz yaşının keçdiyi yolun
uzunluğu qədərdir,
və bu cəhənnəmin
ayrılıqdır ucqarı,
yağır keçdiyin yollara,
alnının yazılmamış tərəfindəki qarı…
* * *
Qovuldum ruhumun cənnət bağından,
düz keçib, dağ qalxıb, yol aşıb gəldim,
keçdim Afrikanın qız torpağından,
Çini, Hindistanı dolaşıb gəldim.
Çıxdım sarayımdan İzabel kimi,
daradım yolları xəfif yel kimi,
dağların ağzından qopan sel kimi,
mən öz taleyimlə ulaşıb gəldim.
Allah umuduna qaldı bir naxır,
qurd basır, üstünə leysanlar yağır,
gördüm sellər-sular bulanıq axır,
dostlar da bu suya bulaşıb…
Gəldim.
İntihar eləyir cəsur qazimiz,
yenə daşdan çıxır hər gün ruzimiz,
gördüm düyün düşüb alın yazımız,
gördüm ağ kələfim dolaşıb, gəldim.
Səbrim də çatmadı qaş qaralınca,
tanrıdan, qədərdən rüsxət alınca,
gəlmədim bir qarın çörək dalınca,
özümlə savaşıb, dalaşıb gəldim.
* * *
Gedən yolun nəfəsidir,
çıxan yolun canıdır,
adamı dünyada şanı-şöhrəti,
bir də barmağının izi tanıdır.
Təyyarələr düz uçur deyirlər,
oturduğun yerdə
yol gedirsən gələcəyə,
yaşının üstünə yolda yaş gəlir,
gedirsən timsahın ağzında sanki,
dalınca nə arvad, nə qardaş gəlir,
bilirsən, dost deyil yanındakılar,
bilirsən, dost səni dar ağacından,
qurtarıb və bundan ləzzət alandır,
qalanı rəngidür, yəni, yalandır!
Bəli, düz xətt üzrə uçur təyyarələr,
düz xətt,
əyri xəttin
dar ağacından asılmışıdır,
getdiyimiz yol
bir misra kimi
öz alnımıza
təzə sətirdən,
bəxtin, taleyin
köhnə əlifbayla yazılmışıdır.
Buludlar yaxın olur təyyarələrdə,
buludlar sanki bir pambıq tayası,
dənizlərin, göllərin
göydəki ruhudur buludlar,
gözlərdəki yaşlardandı mayası,
qarası da doludur,
ağı da,
bircə ahım bəs edər ki,
bu göyləri dağıda…
* * *
Bilirdim, yarpaqlar üstündə şehəm,
bilirdim, sübh çağı əsən bir mehəm,
nanə yarpağından zərifəm, bəli,
vətən havasıyla dolmuş, nəşəli,
atamın sevimli uşağı idim,
anamın gözünün işığı idim,
içimdə məhəbbət, sevgi varıydı,
xətrinə dəyməzdim qaranquşların,
hələ də bilmirəm nədir umduğu,
ulu yaradandan yaranmışların.
Haqq yazan əllərin, qələm qolların,
ən kövrək misrası, sətri olmuşam,
çiçəyi olmadım bağçanın-bağın,
gül deyil, güllərin ətri olmuşam,
ən qədim suların nəğməsindəydim,
bulağın durusu, dadı da məndim,
o qədər güllərlə qucaqlaşmışıq,
eh, doğması da mən, yadı da məndim,
bitib çoxalmışdı həyətimizdə,
dörd yana qol atıb, yarpaq yayıbdır,
gör necə sevgidir, böyürtkən kolu,
neçə yol boynumu qucaqlayıbdır,
neçə yol əlimi cırmaqlayıbdır.
Sevgili vətənin, gözəl vətənin,
payızını sevdim, qışını sevdim,
yerdə ilanları, bör-böcəyini,
göydə qanad çalan quşunu sevdim,
mənə nifrət edən qonşunu sevdim.
Quşları, ağacları, adamlarıyla
vətəndir vətən,
gur axan selləriylə,
şipşirin dillərylə,
obası, elləriylə,
vətəndir vətən,
dərdimi özümlə götürüb gəldim,
qoymadım yetimlərtək əllərdə qalsın,
dedim, qoy ulasın səhralarda külək kimi,
dedim, qoy mənim kimi çöllərdə qalsın,
vətənin cəhənnəmidir qürbət, deyirlər,
mənim yerim vətən ikən,
hazırlaşmadım qürbətə,
hazır deyildim ayrılığa, möhnətə,
sunamilər kəpənək qanadlarının
cəmindən yaranır bəlkə də,
yel ola bilmədim, külək ola bilmədim,
yelkənləri qırılmış bir ölkədə,
və günahsızların yeri cəhənnəm olur nəhayət,
yəni, qürbət…
Qürbət mənə nağıl demir, deməsin,
vətən mənə oğul demir, deməsin!
* * *
İndilərdə,
son sözü ağzında gəzdirən əsir kimi susmuşam,
əmanətimdir,
açılası sirrim yox,
deyiləsi, danışılası sözüm çox,
sükunətimdir,
qızlar ilən gözlərimlə danışıram,
qızlar yanır,
mən də baxıb, od tutur, alışıram,
saçlarımı sığallayıb,
oynadıram qaşlarımı,
dənə gətirə bilmirəm
qürbətin ac-yalavac quşlarını,
sağsağanlar tanış gəlir,
qarğalar, göyərçinlər,
qaratoyuqlar tanış,
(dəli şeytan deyir ki,
gəl, bu quşların dilində danış,)
bir də bülbül avazı,
qar bu qış tez yağdığından
çöldə qalıb bu quşların yuvası,
ağacların yarpaqları payıza qoşulub getdi,
həsrətim bu qürbət eldə qanadlı quş olub getdi,
başladım meymuntək hırıldamağa,
üstümə qışqıran xəstə məmurun
üstünə hürə bilmədim,
keçdim it kimi mırıldamağa,
beləcə öyrəndik dilini bir-birimizin,
beləcə buza döndüyünü gördük
isti-isti yerimizin,
başım,
dönüb olub doğma sözlərin qəbirstanlığı,
dilim başdaşı,
açarlıdır, kilidlidir,
haçansa diriləcək donmuş tısbağa kimidir,
gör necə dilləri bal eləyirlər,
altmış il danışa bilən adamı,
gör necə bir gündə lal eləyirlər,
üzümün mimikası,
əllərimin hərəkətiylə anladıram qürbəti,
özümü belə ovundurur,
belə aldadıram qürbəti…
* * *
Çeçen Yunus,
ərəb Məhəmməd,
fars ağeyi Soleyman,
mərakeşli Moğdət,
əfqan Xaled,
afrikalı Mamadu,
daha kimlər, daha kimlər,
hamımız qəribik Avropa ellərində,
insanıq hamımız,
qalıb gözümüzdə arzu-kamımız,
hamımız didərginik taleyimizdən,
bir qabdan yeyirik,
bizə sahib çıxan humanist dövlətə,
əyilə-əyilə sağol deyirik,
aşağılanırıq bir yerdə,
sınırıq bir yerdə,
özümüzü bir dilənçi
sanırıq bir yerdə,
bir soruşan da yoxdur ki,
bunların vətəni var,
burda nə axtarır, nə gəzirlər,
və beləcə bizi əhliləşdirir,
bizi sapa düzürlər,
hərdən özgə mahnılara əl çalırıq,
səsimiz ucala-ucala,
özümüz alçalırıq,
çıxır yadımızdan illərin qaçışı,
zamanın sürəti,
oynaşa olan məhəbbətdir,
qürbətin qaçqınlara olan məhəbbəti…
* * *
Yenə ayrılığın havası gəldi,
yenə darıxmağın aludəsiyəm,
bir gecə böyürən öküz günündə,
bir gecə zarıyan ilan səsiyəm.
Bir səhər yuxudan hövlnak durub,
yürüyüb gedirəm naxır dalınca,
dostlarım təşvişlə gəzib-axtarır,
tapa da bilmirlər qaş qaralınca.
Suların dilində nəğmə deyirəm,
çiçəyin dilində şeir yazıram,
mən öz taleyimin dil şəhərində,
beləcə düz yoldan çıxıb, azıram.
Burda tək-tənhayam,
axı, nə olsun,
yanımda nə qədər adam var mənim,
hər gün qabağımda suyum, çörəyim,
hər gün heyvan kimi qidam var mənim.
Gör hansı durumda, gör nə haldayam,
bu miskin halıma ağla, ay vətən,
çaxnaşır buludlar, ildırım çaxır,
götür gözlərimi saxla, ay vətən.
Başımı götürüb yollara çıxdım,
qərib bir yolçuyam bu axşam çağı,
burdan o tərəfə işləmir qatar,
qürbət – ayrılığın son duracağı…
* * *
Vətəndə qoyub gəldiyim özümə
indi uzaqdan baxıram,
təzə adımı götürüb,
azmış buğa kimi
qoşuluram naxıra,
canavarlar yeyər
sürüdən ayrı düşən quzunu,
dünən yer süpürən gördüm
nazəndə əfqan qızını,
pəncərələrin şüşəsini silirdi erməni gözəli,
soğan doğramış kimi
damırdı özbək xanımın gözləri,
qurd kimi yarpaqların rəngini almışdım,
qurd-quş yeməsin deyə,
bircə ürəyimdəki işığı qoymurdum sönməyə,
dalğaların üzündə
günəş yanan ocaqmı,
məni gətirən yollar,
geri qaytaracaqmı?
Məhbəsdə qapıdan yığışmayan gözüm,
qürbətdə yollardan yığışmır,
eynən bizdəki kimi yağır yağışlar,
ayrıdı baxışlar,
ayrıdı münasibətlər,
çeşid-çeşid müsibətlər,
adımı bilməyənlər Azərbaycan deyir mənə,
elə bilirəm ki, anam can deyir mənə,
qaçqın sayırlar burda,
elindən obasından, dərəsindən,
dağından-düzündən qaçan adamı,
qaçqın sayırlar burda
özündən qaçan adamı,
bənövşəyə dönürəm yemək üçün növbəyə duranda,
körpələr süfrə qarşısında boyun buranda,
yeyəndə iylənmiş toyuq ətindən,
utanıram məmləkətimin sərvətindən,
utanıram vətənimin adından,
Füzulitək aşiq olmaq istedadımdan.
Qatıldım rənglərə, heç seçilmədim,
çoxların içində əriyir təklər,
nə yaxşı, gələndə öldürmüşdüm özümü,
bilirdim, qürbətdə öldürəcəklər…
* * *
Bu dünya duracaq yer deyil, bəli,
vətəndə əzab da bir ayrı həzzdir,
gələn getməlidir, gedən gəlməli,
dünyada nə varsa əvəz-əvəzdir.
Azğın fikirlərim dəlisovdular,
yağır saçlarıma qışın qarıtək,
qovdular vətəndən, məni qovdular,
Adəmi cənnətdən qovduqlarıtək.
Qovdular, qovdular səfil it kimi,
küsdüm söyüdündən, qarağacından,
dilim boğazıma keçib ip kimi,
asıb vətən boyda dar ağacından.
Olur nalələrim, ahlarım olur,
göz yaşı sayan var alnımda təri,
özümə qayıdan vaxtlarım olur,
dönüb dirildirəm xatirələri.
Dünyada hər şeyin öz adı olub,
pisi, öz adına ucalmamaqdır,
qəriblik – balıqtək qanadı olub,
quş kimi uçmağı bacarmamaqdır…
* * *
Əvvəl tanımadım küçələrini,
günəşli gündüzlərini,
aylı-ulduzlu kecələrini,
mənə yad gəlirdi küləkləri də,
ayrı cür açırdı çiçəkləri də,
yad idi quşların nəğməsi, yad, yad,
yad idi həyatın nəşəsi, yad, yad,
qoynuna girdiyim qara qızların,
əndamı yad idi, nəfəsi yad, yad,
tanıya bilmədim meyvələri də,
bilmədim satılan nəyin ətidir,
durub gözləməyə nə hacət daha,
bu mənim ömrümün qiyamətidir,
xəyalım yurdumun gözəllərində,
gözüm bir gözəlin çilində qalıb,
yazıq itimin də xəbəri yoxdur,
bir qərib dünyanın çölündə qalıb,
gələndə dağ kimi əzəmətliydi,
vüqarlı, əyilməz uca dağ kimi,
indilər özündə azmış,
indilər özündə itmiş,
ulayır dağlarda yalquzaq kimi,
doğulmaq vaxtıdır, mən bətndəyəm,
bir ömür yapılar hər bir qatımdan,
mən özgə həyatın cənnətindəyəm,
sağ çıxa bilmədim öz həyatımdan…
* * *
Yarıldı bağrım,
göynədi içim,
bir damla göz yaşı,
ömür bir içim,
ağrıdım,
inlədim,
gəl dedim:
Gəl gözəlim, burda qərib təkdi, gəl,
burda qərib gözləri yol çəkdi, gəl.
Şırım çəkib, alnıma şum vurmuşam,
əcəb, əcəb suvarmalı ləkdi, gəl.
İçimdə bayquş ulayır hər gecə,
viranə qəlb başımda turp əkdi, gəl.
Dörd tərəfim Yalıncıqla Alp-Aruz,
qaranlıq zindandakı Beyrəkdi, gəl.
Halım dəyişkən, yenə xasiyyətim,
qış kimi sərt, yaz kimi kövrəkdi, gəl.
Zəlzələdən sonrakıdır can evim,
sümüklərim, divarlarım çökdü, gəl.
Qoy deməsinlər qarıyıb dilbərim,
görən desin qız kimi yüyrəkdi. Gəl.
Vətən məni toxumuşdu xalıtək,
qürbət məni damar-damar sökdü, gəl.
Könül pərişan, dil olub lal bu gün,
Mən demirəm, gəl deyən ürəkdi, gəl.
Gəlmədi,
daha doğrusu,
ağırlıq eylədi gözlərində su,
gələ bilmədi,
«tutuşdu qəm oduna şad gördüyün könlüm,»
yenə əzab, yenə zülüm!
* * *
Ulduzların vətəni, qürbəti yoxdur,
ulduzların təzədən doğulmaq qüdrəti yoxdur,
axır ulduzlar,
axır, axır… süzülən bal kimi birdən qırılır,
belədir ömrümüz,
axa-axa, süzülə-süzülə, qırıla-qırıla
həyatımız qurulur,
bölünür vətənə, bölünür qürbətə,
və bir gün qapıları açılır göylərin,
qoşulub gedirik əbədiyyətə,
…və bir gün,
təzədən sürgün…
Brüssel, 2021–2022.
Tənha keçən
(poema)
Bəri başdan deyim, bilin,
bu dünyadan yalqız, tənha keçən mənəm,
sərçə kimi yaradılan,
durna kimi köçən mənəm,
ingilis mən, fransız mən, ərəb mənəm,
fərqi varmı böyük türkəm, ya balaca çeçen mənəm,
bu dünyanı öz boyuna geyinən mən, ölçən mənəm.
Deyim, bilin, quldarlıqdan gəlirəm mən,
qaldı daş dövründə silahdaşlarım,
geyimim dəyişsə də, ağlım dəyişmədi,
mənimlədir dərdim və göz yaşlarım.
Tunc dövründə olanları salıb itirdim,
mən özümlə yük daşıdım,
ləyaqəti, əqidəsi olanları gətirdim.
Pəncərəmdən görünənlər çağın əsirləridir,
insanlığın kök altından qurtulmayan kəsirləridir,
dərdi çox, həmdərdi yox, dini yox, imanı yoxdular,
hey düşünürəm, görəsən niyə bu qədər çoxdular?
Utanmıram köhnə fikirlərin təzə libasından,
mən çeşmənin gözündən sevirəm su içməyi,
bir də insanların xasından.
Toyxanaların çölündə sümüyümə hər hava düşdü,
oynadım yorulunca,
nə qədər məsafələr keçdim cəmiyyət durulunca,
mən böyüdüm, eh, dərdlərim də
mənimlə bərabər böyüdü,
bu yer hamının yeridi, bu göy hamının göyüdü,
bircə mən özümü özəlləşdirdim,
həyatımı gözəlləşdirə bilmədim,
ətrafımı gözəlləşdirdim, -
bir namərdi buraxmadım yaxına,
üzdüm bu geniş dəryada tənha,
və güc gəldim axına.
Məni yollar bağrına basdı,
mənim şeirlərimi yolçuluq yazdı,
Mən yol adamıyam,
cığırım izim olmayıb,
kimsənin getdiyi yolun üstündə gözüm olmayıb,
yollar tanıyır məni,
bilir hardan gəlirəm,
qışdan, yazdan, payızdan, ya bahardan gəlirəm.
Ruhumda yaz ətri var, açdım çiçəklər kimi,
nəfəsimdə məhəbbət, əsdim küləklər kimi,
Quldarlıqdan gələni necə tanısın çağdaş,
bəlkə mənim indi də dövrüm özüm kimi daş?
Bəlkə adicə torpaq, bəlkə tuncam, bürüncəm,
Xülasə, bu yollarda yolçu kimi girincəm.
Yazılmış alın yazım, sür ömrü necə gəldi,
xoşbətlik nədir axı,
və yaxud gələcəksə,
nə fərqi gündüz gəldi, ya zülmət gecə gəldi.
Gözləmə, gəlməyəcək,
ömrün göylər üzündə günəştək gülməyəcək,
səni unudacaqlar,
sönəcək yandırdığın bu müqəddəs ocaqlar,
başından qaçacaq cinlər,
cinlərin belində dinlər,
için boşalacaq bir dərya kimi,
sular çəkilib gedəcək,
meyitin sahildə xilas olmuş qalacaq,
səni göy adamları yadplanetli kimi bulacaq,
sahillərdə diridir bəyəm hamı,
heç tanıya bilmədik,
yüz il bir havada yaşadığımız adamı.
Şair dostun orden həvəsindədir,
saxtakarlıq sifətində, oğraşlıq nəfəsindədir.
Sən dünyanı duya-duya yaşayanlardansan,
nə olsun ki, doya-doya yaşamadın,
qan çıxarmaq istəmədin,
bir kimsənin kürəyini qaşımadan,
Səni meymun qiyafəsində gətirmədilərmi sosializmə,
sənə yol göstərmədilərmi cahanşümul kommunizmə,
sən istəməsən də kapitalizmin qucağına düşdün,
mən uşağı məcbur yedirənləri öz gözümlə görmüşdüm,
yenə əsarətdəyəm,
eh, nə fərqi şəhərdə, qürbətdə, ya kənddəyəm?
Məni ağac kimi, ot kimi bitməyə qoymadılar,
barı sarmaşıq olub arzuma yetməyə qoymadılar,
dedilər, balıqsan, sus,
ağlın kəm, dərin ucuz…
Bax, elə buna görə quldarlıqdan gəlirəm,
fəsillərin, günlərin əhvalını bilirəm,
öz ruhumdur, öz səsimdir mənim varım-dövlətim,
gedib gələn nəfəsimdir mənim varım-dövlətim.
Niyə mənim yer üzündə bircə qarış torpağım yox,
qırağında şam yandırıb qızındığım ocağım yox?
Çünki, mən bir yolçuyam ki, bircə dəfə keçməliyəm
bu uzanan yolları,
duracağım olmayacaq, tökülsə də atlarımın
gümüş-gümüş nalları,
Mən gedirəm, gedir mənimlə bir ZAMAN,
dünya köhnə, mən bir yolçu, xəyallarımız qocaman.
Mən yolçuyam, səfərdəyəm,
gah kənddə, gah şəhərdəyəm,
bir duracaq yerim yoxdur,
hər bucaqda, hər yerdəyəm.
Qabığından təzə çıxmış ilan kimidir yollar,
ayaqlarımdan yapışan balam kimidir yollar,
keçdiyim bu yollara yağış kimi yağıram,
yollar ağırdı bəlkə, bəlkə də mən ağıram,
çölləri, səhraları gözlərimə yığıram,
uzundu bu yol, uzun,
hərdən səsi gəlməsə də,
quyruğu görünür xoruzun,
yatmağa yerim olmayanda bəs eləyib göylər altı,
ağacların kölgəsində görünmədə bir qaraltı,
var, əzizim,
gecəni gecə eyliyən,
səhəri səhər eyliyən,
bu qısaca pak ömrünü döndərib zəhər eyliyən,
bax, bu gün də, bu əsrdə nə çoxdur ağlı çaşanlar,
torpaq üstə dalaşanlar,
bu aləmin bir günəşi, bir ayı bəs deyilmidir,
yatacağın ömürdə bir çarpayı bəs deyilmidir?
Azğın kəslər durmayıbmı insanlığın qəsdinə,
od yağdırır bir ağızdan şəhərlərin üstünə,
milyon insan öz yurdundan, yuvasından qovalanır,
bu vəhşətin təsirindən neçələri havalanır,
unudulur keçmişlərdən gələn ağrı, acı belə,
ay bunun islamı belə, lap ay bunun xaçı belə,
atanınmı, babanınmı bu torpaqlar,
hardan gəldin, kimsən axı, yabanımı bu torpaqlar?
Bu dünyaya özü gələn özü getmir,
aparırlar,
səni bağlandığın ipdən, məhvərindən qoparırlar,
qonur çiyinlərə yüngül cənazən,
heç nə aparmağa yoxdur icazən,
bax, sənə təzəcə bir ev tikirlər,
bu dünyadan doymadığın gözlərinə
yalnız torpaq tökürlər.
Olursan bir daş,
yadına salırlar hardan gəldiyini,
özünə heç deyən də olmur necə öldüyünü.
Mən yolçuyam, insan kimi öləcəyim olmayacaq,
bugünüm yoxdursa mənim, gələcəyim olmayacq…
Suda balıq, göydə quşam,
yorulmuşam, yorulmuşam, yorulmuşam.
Dənizləri səslədim,
dalğaları göndərdi yanıma, ayaqlarımı yaladı,
meşələri səslədim,
ağac-ağac başını buladı,
haray salıb dağları çağırdım,
gözlərimə çiynində ay göründü,
hər damlada, hər yarpaqda, hər dağın qarlı başında
yenicə doğulmuş Saday göründü,
və günlərin birində
arxayınca nəfəs dərib gedəcəm,
yerimi dənizlərə verib gedəcəm,
yerimi meşələrə verib gedəcəm,
yerimi dağlara verib gedəcəm.
Bir yolçuyam yalqız, tənha,
səmtim yoxdan varlığadı,
kölə isəm, qul isəm mən,
yolum ya Azadlığa,
ya da ki, Quldarlığadı…
5 sentyabr 2023 Polşa,
Krakov. Şeirlər
Şeirlər
AZADLIQ
Ətirli nəfəsdir, havadır, sudur,
Azadlıq cam dolu qırmızı meydir,
Əsarət nə boyda can qorxusudur,
Azadlıq o boyda candan gileydir.
Qan boğub minillər azadlığı, qan,
Qoz sınıb başında susan yoxsulun,
Bircə gün məst olsa aadlığından,
Gül açar çöhrəsi qırx illik qulun.
Azadlıq səndəlin, süzülmüş çuxan,
Yaralı köksündə çırpan ürəkdir,
Daşların içindən fınxırıb çıxan,
Zülmətə güc gələn zərif çiçəkdir.
Küləklər azaddır mənsəbdən, dindən,
Var tufan, var yağış, qar azadlığı,
Əbədi qurtulur köləliyindən,
Kimin öz ruhunda var azadlığı.
Aləmin seyrində göz xumar-xumar,
Sinələr güllədən dəlik-dəlikdir,
Harda azadlıq var, orda sevgi var,
Azadlıq eşqdir, eşq-divanəlikdir…
AĞRI…
Deyərdim, gəl, ağ saçına gül düzüm,
qara-qara tellərini darayım,
aramızda qalan dağlar lal oldu,
əks eyləməz bir fəryadım, harayım.
Yadlar yedi çörəyimi, duzumu,
kor çobanam, otarmadım quzumu,
batmışammı, itmişəmmi, özümü,
hansı yerdə, hansı canda arayım?
O tay, bu tay, mən danışan dilindim,
bütöv yurdun, dam dolusu elindim,
orman-orman, tala-tala bölündüm,
neçə tikə, görən neçə parayım?
İnsan olan bu zillətə dözəmməz,
suç işlədən əməlindən bezəmməz,
bəyim şəhid, gəlinlərim bəzənməz,
viran qalmış imarətim, sarayım…
ÖMÜR KARVANI…
Yenə düz işləmir ömrün sayğacı,
yenə yağış yağır, hava korlanıb,
bir uşaq səs gələn tərəfə qaçır,
deyəsən, yol gedir dəvə karvanı.
Bulanmış göy üzü yenə rənglənib,
çalır qırmızıya daşdan piyaləm,
quduz burulğanlar pozur ləngəri,
qaranlıq səhrada qarışıb aləm.
Yenə də yol boyu hürüşür itlər,
yaxşılar, yamanlar ələnməyində,
yenə də yol boyu qoca seyidlər,
diz çöküb, əl açıb dilənməyində.
Yenə dəli külək qovur qumları,
mən yazıq ulduza hürməyə gəldim,
göbələk şəklində bu qəyyumları,
kolların dibində görməyə gəldim?
Çənəm yer süpürür, qatlanır dizim,
deyən, öldürəcək bu ürək məni,
insana uyğunmu məndəki dözüm,
nə yol getməlidir, nə yük çəkməli.
Bu dünya toxunmuş köhnə kilimdir,
səcdə qıl, Məkkəsi, Kəbəsi mənəm,
bilmirəm bu yolun ərəbi kimdir,
bilirəm yorulmuş dəvəsi mənəm…
OYANDIM…
Qızındım ömrün qışında,
Dəli sevdalar başımda,
Yatdım altmış üç yaşında,
Oyandım, uşaq oyandım.
Yelpiklər dərdimi külək,
Deyər, hər tərəfdə gül ək,
Sinəm altda yanar ürək,
Sinəm üstdə dağ oyandım.
Bu nə yanğı qara neydə,
Göy fəğanda, yer gileydə?
Yerindədir Yer də, Göy də,
Yağ, ey bulud, yağ, oyandım.
Hələ qan axır yaramdan,
Gözlərim qan, damarım qan,
Şükür sənə, ey Yaradan,
Bu səhər də sağ oyandım.
GEDƏR
Mən insanam, uzun yolam, örkənəm,
fərq eləməz qoca türkəm, türkmənəm,
dünya dəvə, belindəki yük mənəm,
bir gün, bir gün atar gedər, gedər hey!
Gözlər dolar bir qüssədən, qəhərdən,
daha gülün ətri gəlməz səhərdən,
qaranlığa bürünmüş bir şəhərdən,
işıqlı bir qatar gedər, gedər hey!
Gələn ağlar, gedən ürkər, tələsər,
bel bükülər, diş tökülər, əl əsər,
bir gün gələr üstümüzdən yel əsər,
ay doğar, gün batar gedər, gedər hey!
Həm qəribəm, həm dünyaya yad kimi,
ayır, teylə, dərdlərinə qat kimi,
çapar kimsə bu dünyanı at kimi,
yalmanına yatar gedər, gedər hey!..
* * *
Nə vaxtacan qəm köynəyim, qüssə-kədər tacım olsun,
nə vaxtacan bu aləmdə ağlayıb, ah-zar eyləyim?
Öz varlığım bir ilğımdır qaranlıqlar ağuşunda,
hanı məndə qüdrət, necə, nəyi yoxdan var eyləyim?
Nəğmə desin yurd yerimdə öz bağımın bülbülləri,
yeddi yerdən çəpər çəkib, dörd yerdən hasar eyləyim.
Öyrənmişəm dillərini gülün, quşun, kəpənəyin,
sən torpağı Vətən eylə, mən onu gülzar eyləyim!
dekabr, 2020, Bersel
KÜSDÜRƏ BİLMƏDİM…
(mahnı)
Eşqinlə göylərdə qanad açıram,
bir qıy çək, tanıyım səsindən səni,
mən quşu gözündən vuran ovçuyam,
buraxa bilmərəm gözümdən səni.
Qönçə dodaqların balım, şərbətim,
bal təkin şirindir sözün, söhbətin,
yandıran bu eşqin, bu məhəbbətin,
qorudum odundan, közündən səni.
Könül budağını qar kimi əydim,
kaş bu gözəlliyi bir də görəydim,
yüz dəfə, min dəfə xətrinə dəydim,
küsdürə bilmədim özümdən səni…
DOĞUM GÜNÜMÜN ŞƏKLİ…
Mən bulağam, təşnə dodaqlarınla,
əyil bir az, ovuc-ovuc iç məni,
bəlkə seləm, yol gəlir dağlarından,
boğularsan, üzə-üzə keç məni.
Bəlkə səsləyibdir sözüm, gəlmişəm,
pozulubdur nizam, düzüm, gəlmişəm,
bəlkə bu dünyaya özüm gəlmişəm,
yaradana deməmişəm seç məni.
Mən buludun tərkibində bir odam,
görürsənmi, necə od olur adam?
Mən qapıyam, göy üzü evim, odam,
nə durmusan, tilsim ilən aç məni.
Heç olmadı həyat gözəl, bəxt şümal,
dörd tərəfim sükut, üç tərəfim lal,
nə vecimə, tanımasın qərb, şimal,
tanımasın Paris məni, Kerç məni.
Dünya bağmı, bağdakı bir gül mənəm,
dünya bədən, əynindəki tül mənəm,
dünya zəmi, dən dolu sünbül mənəm,
hünər eylə, oraq olub biç məni.
Nağıldakı divlər kimi diriyəm,
ağlayarsam, çətin bir də kiriyəm,
göydən düşən üç almadan biriyəm,
bəlkə anam doğmayıbdır heç məni…
MƏN QALDIM
Gül kolundan qoparılmış gül idi,
boy verməyən dən dolu sünbül idi,
nökər idi, əsir idi, qul idi,
o gözəli yol apardı, mən qaldım.
Qamətinə baxıb dersən tüləkdi,
bədən deyil, damar-damar ürəkdi,
yol çəkərdi, o gözləri yol çəkdi,
o gözləri yol apardı, mən qaldım.
Tellərini yellədəcək ahıydım,
kipriyinin yerində sürahıydım,
qorumadım, bir ələngə şahıydım,
kənizləri yol apardı, mən qaldım.
Qalan kimdi, gedib, gedib, baxdılar,
yer bərabər bir ovuc torpaqdılar,
çuxurları axar tapıb, axdılar,
«dənizləri» yol apardı, mən qaldım.
Bir boyundaş olammadım yurd ilən,
bir səfilsən yad ellərdə, dur, dilən,
mən qaldım ey, qiyamətə qurd ilən,
kəhrizləri yol apardı, mən qaldım…
OLMADI
Hər gedən dünyadan əliboş gedir,
mənim nəyim oldu, nəyim olmadı?
Qoy belə qan düşsün öz aramıza,
sən denən oldu, mən deyim, olmadı.
Susuz ağac kimi yandım, qurudum,
ağrımı gözümün yaşıyla yudum,
məni ağlamağa kamanım, udum,
məni oxşamağa neyim olmadı.
Yediyim ağudur, içdiyim zəhər,
gəzdim diyar-diyar, şəhərbəşəhər,
harda yatdım, harda açıldı səhər,
xaraba qalmışda öyüm olmadı.
Yoxmuş etibarı varın, dövlətin,
həm də hürr yaşamaq çətindir, çətin,
başına daş düşdü haqq-ədalətin,
qaldırıb atmağa heyim olmadı.
Qocaldı arzular göz bəbəyimdə,
gül bitdi, göyərdi daş bələyimdən,
hey qanad bağladım quş lələyindən,
neyləyim, uçmağa göyüm olmadı…
YOLLARA BAXSIN
Sevdiyim, həsrətdən bir tel ayırıb,
tellərin darasa, yollara baxsın,
bir zaman üz tutub, könül verdiyi
gedibdir harasa, yollara baxsın.
Vəfasız günlərə yağır gileylər,
qürbət vəfasızı bədgüman eylər,
dolanır başıma gözləri göylər,
gözləri qarasa, yollara baxsın.
Mən hüznü yollarda tapıb, getmişəm,
atımı dördnala çapıb, getmişəm,
ömrümü yollara səpib, getmişəm,
kim məni arasa, yollara baxsın.
KASIB…
Tanıdığım bir kasıb kişi mənə sifariş yollayıb ki, niyə kasıblardan yazmıram.
Köhnə üslubda yazdım, qoy oxusun.
Baxışın qəmlidir, duruşun məsum,
bənzərsən huriyə, mələyə, kasıb,
bu il də əkdiyin vermədi məhsul,
qalmısan mələyə-mələyə, kasıb.
Unutmaz bu ellər haqqı sayını,
göstərib oxunu çəkdin yayını,
verdin vətən üçün oğul payını,
can qurban səndəki ürəyə, kasıb.
Gör neçə oylağın nökərdir bəyi,
yoxdur illətinə varın köməyi,
öyrən daş yeməyi, torpaq yeməyi,
əlin çatmayanda çörəyə, kasıb.
Gərək səs verəsən haqqın səsinə,
həm arxa durasan məğrur kəsinə,
çevrilib ölkən də mal tövləsinə,
əl yetir yabaya, kürəyə, kasıb.
Sən dağ vüqarlısan, qeyrət misalı,
daxman şah sarayı, örüşlər xalı,
dünyada qalacaq dünyanın malı,
nəyin var ver getsin küləyə, kasıb.
KÖÇ VAXTI…
Dur, yığış, ey insan, köç vaxtı gəldi,
bu başdan o biri başa gedirik,
hələ ağarmamış saça, saqqala,
hələ dən düşməmiş qaşa gedirik.
Hər tində, bucaqda tələ qurublar,
qaya parçalayıb, dağ uçurublar,
yollara sap kimi düyün vurublar,
gah duza, gah da ki, quşa gedirik.
Ötən günlərini yuyub, ağlarsan,
bu gözəl dünyadan doyub, ağlarsan,
dizini torpağa qoyub, ağlarsan,
kotana qayıdır, xışa gedirik.
Səpdiyin dən kimi dərdin çoxalır,
gözlə günbatanı, ya günçıxanı,
götür yapıncını, köhnə çuxanı,
tufanlı, çovğunlu qışa gedirik.
Hər il sel daşqını, hər gün zəlzələ,
bu zülüm, bu zillət bitməyib hələ,
yenə dərdimizlə verib əl-ələ,
yenə dərdimizlə qoşa gedirik.
Dünya dəyişmədi, qalacaq olsun,
qalmayan kim varsa, öləcək olsun,
nə fərqi, keçmiş, ya gələcək olsun,
gedirik, dönməyə daşa, gedirik.
KİMLƏRƏ QALDI?
Bu nə gizlin, nə sirdi,
bir gündə dörd fəsildim,
ağac idim, kəsildim,
kölgəm kimlərə qaldı?
Nə qara gəldi baxtım,
dağıldı uca taxtım,
gözəl kəndim, paytaxtım,
bölgəm kimlərə qaldı?
Nə qəribə həyatdı,
kim tutdu, kim aldatdı,
gəmim dəryada batdı,
yelkən kimlərə qaldı?
Qurd kimi uluyurdum,
təhlükəni duyurdum.
Vətənim, doğma yurdum,
ölkəm kimlərə qaldı?..
SƏN DEYİRDİN…
Sən deyirdin hər şey yaxşı olacaq,
olmadı əfəndim, olmadı,
zənbilimiz ağzınacan dolacaq,
dolmadı əfəndim, dolmadı.
Sən deyirdin süpürək, təmizləyək,
eybimizi xurcun tapıb gizləyək,
haqq yerini bulmalıdı, gözləyək,
bulmadı əfəndim, bulmadı.
Sən sazımın əcdadına ud dedin,
qalxanıma, şeşpərə əmud dedin,
budaqdakı meyvəyə armud dedin,
almadı əfəndim, almadı.
Türkəm dedin, türkə salanlar vardı,
türkdən qisasını alanlar vardı,
qurdla qiyamətə qalanlar vardı,
qalmadı əfəndim, qalmadı.
Vaxt gələcək, gələcək dediklərin,
haqq nədirsə biləcək dediklərin,
özün öldün, öləcək dediklərin,
ölmədi əfəndim, ölmədi.
Vətən bənzər bir alagöz qadına,
oğul yetər hayına, imdadına,
vətən bizi tez unutdu, yadına,
salmadı əfəndim, salmadı…
MƏMLƏKƏTDƏNƏM…
Bəsdir!
Soruşmayın kiməm, hardanam,
yurdu işğal olan məmləkətdənəm,
qəbirdə od tutub yanmada anam,
yaylığı şal olan məmləkətdənəm.
Sonunda işıq var qara zülmətin,
daşları ağırdır zülmün, zillətin,
bir məglub, bir yazıq, bir ac millətin,
ağzı çuval olan məmləkətdənəm.
Aldanıb köz olduq, alışdıq tək-tək,
ağılsız başa da qan vurdu ürək,
qəhrəman sayıldı Koroğlu, Babək,
mən Rüstəm-Zal olan məmləkətdənəm.
Nədən yer adamı göylərə asi,
nədir ruhumuzun nədir qidası,
gözlərə soxulmuş dimdik nidası,
dönüb sual olan məmləkətdənəm.
Şəfalı nə varsa söz qabığında,
gərək gizlənməsin sevgilər qında,
mötəbər şairin it qabağında,
yeməyi yal olan məmləkətdənəm.
Köçərgi quşların vətəni qürbət,
dünyadı, gələni-gedəni… qürbət,
ruhu didərgin və bədəni qürbət,
dərdi misal olan məmləkətdənəm.
Bu yurdun qurdu var içindənyeyən,
bəla misra-misra, dərd ləyən-ləyən,
xiyarı yetişən, alması dəyən,
alimi kal olan məmləkətdənəm.
Sularda qərq olan üsyankar Səhənd,
gəzdi şəhər-şəhər,
dolandı kənd-kənd,
zülüm gecə-gündüz göylərə bülənd,
sevgi misqal olan məmləkətdənəm.
Bir süfrə başında bəy ilə nökər,
qəmindən mey tutub, şərablar çəkər,
nağılları yüyrək, söhbəti şəkər,
dilləri bal olan məmləkətdənəm.
Bircə gün sağ qalmaq – qənimət, kisib,
başımız üstünü zülmkar kəsib,
məmuru qansoran, əsgəri kasıb,
xalqı hambal olan məmləkətdənəm.
Ey haqlar dünyası, gözlərini yum,
nə sevgi sərgilə, nə məhəbbət um,
heyvanı dilbilməz, insanı məzlum,
allahı lal olan məmləkətdənəm.
TÜRKÜ
Ulduz dolu asimanım varıydı,
malım-mülküm, xanimanım varıydı,
dən üyüdən dəyirmanım varıydı,
indi dərddən, qəmdən ayrı nəyim var?
Bir gül idim yar bağında, çiçəkdim,
ətir yayan gözəl güllərə çəkdim,
nə göy bildi, nə yer bildi nə çəkdim,
mənim dərddən, qəmdən ayrı nəyim var?
Mənimiydi kənd evimiz, kənizlər,
aya bənzər ağ üzlü, ay bənizlər,
mənimiydi axar çaylar, dənizlər,
indi dərddən, qəmdən ayrı nəyim var?
Qərib kimi yerə, göyə yad idim,
qanadım var, quş kimi azad idim,
Vətən mənim olan vaxtlar şad idim,
indi dərddən, qəmdən ayrı nəyim var?
BİLİRƏM…
Bilirəm, mən öləndə
yuyub basdıracaqlar,
buz kimi soyuq məzara
qoyub, basdıracaqlar,
yaglıca ehsanımdan
yeyib öskürəcəklər,
bir qərib şair öldü
deyib asqıracaqlar.
Deyim, vəsiyyətimə
adamlar, qulaq asın,
başdaşı əvəzinə
bir at heykəli qoyun,
və bircə cümlə yazın:
«insan kimi doğulmuşdu,
insanlar oyun qurdular,
öləndə at kimi öldü,
çapıb-çapıb yordular!..»
VƏTƏN
Hey! Mənim dam dolusu
toyum, vətəndir, vətən,
əjdadım, nəslim, köküm-
soyum, vətəndir, vətən.
Bəxt gəldi düyün-düyün,
oğluyam yerin, göyün,
baxıb, hey öyündüyün
boyum, vətəndir, vətən.
Qürbət buz içrə kürə,
kim ulaya, kim hürə,
qoy alnımı möhürə
qoyum, vətəndir, vətən.
Hava – həsrət bir udum,
dörd bir yana yürüdüm,
ağac kimi qurudum,
suyum, vətəndir, vətən.
* * *
Alsemberğdən qatar keçdi,
keçdi, məni aparmadı,
qatar qarışdı zülmətə,
gecdi, məni aparmadı.
Qarşıda neçə dağ, dərə,
neçə aşılmaz dik qalıb,
kor oldu, görmədi, şair,
divara söykənik qalıb.
Bu bir yolsuz ömürlərdən,
keçən bir qatardı, getdi,
kim gəldi aldı qoynuna,
kim gəldi götürdü, getdi.
Yaddır özgə dərdi kimi
o yaxınlar, bu uzaqlar,
o zamandan hər qatarın,
dalınca bir qərib ağlar…
HƏLƏ…
Bir ömür elə hey kipriyimlə od,
götürə-götürə gedirəm hələ,
bir uzun yoldayam aylar, illəri,
ötürə-ötürə gedirəm hələ.
Gərək mən hər sözü bir-bir arıyam,
görənlər qoy görsün haqqa sarıyam,
çiçəkdən çiçəyə uçan arıyam,
ətirdən ətirə gedirəm hələ.
Bağındır, baxmasan, ömür kirlənir,
ağ bayraq sanırlar ağ fikirləri,
qara kağız kimi tək səbirləri,
gətirə-gətirə gedirəm hələ.
Saxlamaq olmadı hər gedən günü,
bədən yuxuludur, ruhlar mürgülü,
islanmış gözlərdə azadlıq gülü,
bitirə-bitirə gedirəm hələ.
Yolu bu qatarın beşdi, ayrıldıq,
bişdi bağrım başı, bişdi, ayrıldıq,
hərə bir məzarda düşdü, ayrıldıq,
itirə-itirə gedirəm hələ…
GEDƏNƏM…
Neçə boynu bənövşətək bükülü,
neçə gözü ağlar qoyub gedənəm,
könlüm kimi açılmazdır o vaxtdan,
qapımızı bağlar qoyub gedənəm.
Bir sıxalar buludları, yuyalar,
göy durula, dağılmaya yuvalar…
Yereşitməz, göygötürməz dualar,
dağtablamaz ahlar qoyub gedənəm.
Haçalanmış yollar kimi görünən,
yaşıl-yaşıl yarpaqlara bürünən,
arxam ilə iməkləyib sürünən,
düyməgözlü tağlar qoyub gedənəm.
Nə biləydim ağac adam deyilmiş,
qar-yağışla yarpaqları döyülmüş,
ucunda gül pəncərəmə əyilmiş,
vəfalı budaqlar qoyub gedənəm.
Çin olmadı arzularım, pir də ki…
Sirr olmadı, sirr qalmadı, sirr də ki…
Axar çaylar, göy meşələr, bir də ki,
buz kimi bulaqlar qoyub gedənəm.
Bizim evdə quşlar yuva qurdumu,
üstümüzə yağan daşlar durdumu?
Yanıram oyy, vətənimin, yurdumun,
sinəsində dağlar qoyub gedənəm…
ALLERGİYA
Əvvəl gözlərimə dolur,
sonra tutur boğazımdan,
bəla sözdən gəlir,
bir də
dəftərimdən, kağızımdan.
Axır sel kimi göz yaşım,
düz əlli cütdür asqıraq,
qorxudan tək səbir gəlmir,
əlli dəfə sönür çıraq.
Durur adamın qəsdinə,
İşğal eləyir bədəni,
yadına nə yarın düşür,
nə işğal olmuş vətənin…
YAZI…
Nə uçdum quş kimi, nə qaçdım ittək,
nə göylər mənimdir, nə yerlər mənim,
ipsiz arzularım köhnə çərpələng,
dalımca gör nələr deyirlər mənim.
Bir azman qayaydım, yıxıb zəlzələ,
bir ah göndərməyə qarlı dağım yox,
uçuram, bu cahan qurtarmır hələ,
nə yazıq, qonmağa bir budağım yox.
Bu qismət, bu qədər, bu tale, yazı,
dalımca deyirlər guya dahidi,
əzablar, zülümlər təzyiq cihazı,
həsrət və qəriblik ölçü vahidi.
Çətini qanadım yoruluncadır,
ya külək qovacaq, ya leysan, yağış,
yerlər dərindirsə, göylər ucadır,
vətən bir yuvadır, mən yuvasız quş…
* * *
Professor Qurban Bayramov un gecikmiş cəsarətinə elegiya.
Nədir bu dünyada, nədir əbədi,
söz tapıb göyərtdik yerin təkindən,
dağıldı, söküldü elmin məbədi,
quş göydən ayrıldı, palıd kökündən.
Uzundur yolumuz əyri, düz olsa,
çıxmaz kəpəklərə ələdiyimiz,
boğuldu beşikdə oğul, qız olsa,
bizim körpə kimi bələdiyimiz.
Saxsını torpaqdan, qızılı misdən,
arzunu xəyaldan ayıran öldü,
alçağı hündürdən, safı xəbisdən,
dilavəri laldan ayıran öldü.
Neynirsən neçədə açılır sabah,
neynirsən gün çıxır, ya qar ələyir,
bax, səni asdıran sevdiyin allah,
neyləyir, əlbəttə, yaxşı eləyir.
Neynirsən necədir tərkibi suyun,
kimyanın, sürətin vaxtı keçibdir,
arxacın ağzında mələyən qoyun,
bəlkə qoyun deyil, itdir, keçidir.
Düz xətti sındırma, indi əyridir,
keçər lap yeddisi iki nöqtədən,
indi ki əyrilər qılınc səyridir,
niyə bölünməsin min yerə vətən?
Xülasə, heç elmə yoxdur ehtiyac,
hava məlumatı başına dəysin,
şahın quş evidir başındakı tac,
qoysa yad gülləsi quşuna dəysin.
Unutma, ey qafil, dörd yanın biclər,
bu fərman üzünü ağartmayacaq,
sənin inandığın əfsanə güclər,
səni bu illətdən sağaltmayacaq…
DEGİLMİSƏN…
Sən bir gül kolusan, qız,
solacaq degilmisən,
gözəllikdə qərq olub,
dolacaq degilmisən?
Ətrin min gülün ahı,
oyatmazmı allahı,
mən görürəm sabahı,
olacaq degilmisən?
Gün boylanar güneydən,
yerlər məst olar meydən,
ay kimi baxıb göydən,
güləcək degilmisən?
Hal əhlilər hal bilər,
olmuşu xəyal bilər,
sevda dilin lal bilər,
biləcək degilmisən?
Gül dərdin dəstə-dəstə,
kim təbibdir, kim xəstə,
ölərsəm, qəbrim üstə,
gələcək degilmisən?
Mən taleyimdən sürgün,
açıqdır ömür sərgim…
Sən də yağmurlu bir gün,
öləcək degilmisən?
ADAMLAR…
Ya torpaq, ya məhlul olsun,
doyulmalıdır adamlar,
ya padişah, ya qul olsun,
duyulmalıdır adamlar.
Halı xoşdur uyğusundan,
səsi çıxmır qorxusundan,
şərin qəflət yuxusundan,
ayılmalıdır adamlar.
Alçalıb, düşüb dərinə,
məhəl qoymaz qədərinə,
qaldırıb adam yerinə,
qoyulmalıdır adamlar.
Əriyir yazlarda qartək,
yoxa çıxır haram vartək,
daşa, qədim yazılartək,
döyülməlidir adamlar.
Əzab yox, bu əzab kimi,
məşəqqət, iztirab kimi,
içi bulanmış qab kimi,
yuyulmalıdır adamlar.
İT OYNADIRSAN…
Cənab! Halal olsun fərasətinə,
neçə ağlıdayaz, küt oynadırsan,
kimini qul kimi çəkib xəlvətə,
kimini səhnədə lüt oynadırsan.
Hər kəsin ritmi var öz havasında,
qızarmış yanaqlar köz havasında,
uçunur oğlanlar söz havasında,
qızları döşündə süd oynadırsan.
Boynuna ip saldın neçə dərvişin,
vallahi, oyundur sənin də işin,
məzara bir addım qalmış bir leşin,
tutub yaxasında bit, oynadırsan.
Yükləri daşıyan kəli döyərlər,
xətirə toxunub, qəlbə dəyərlər,
əlini uzatma mənə, deyərlər,
nədir ovcunda cüt-cüt oynadırsan?
Titrətdin yer-göyü yumruq vuranda,
rəhm etdin yazıqlar boyun buranda,
şair oynadırsan kefin duranda,
kefin istəyəndə it oynadırsan…
MƏN GÖRDÜM, ALİM YAZDI…
Mənim gözümün qabağında Qənbəri öküz vurub,
hələ pəpilləşməmiş qara gözlü Qənbəri,
düz əlli dörd il keçib o vaxtdan bəri,
bəli, o vaxtdan düz əlli dörd il keçib,
qaragözlü Qənbər qisasını qiyamətə saxlamayıb,
qurbanlıq kəsiləndə öküzün qanını içib.
Mənim gözümün qabağında sel aparıb,
Növrəstə arvadın alaməxmər inəyini,
düz əlli il qabaq, oktyabrın əvvəlində,
allah kimsəsizlərdən nə istəyir görəsən, deyib,
küfr, qarğış eləyirdi qara kösöv əlində.
Mənim gözümün qabağında toyların birində,
bıçaq çəkmişdilər Həsənağaya, Hüseynağaya,
qırx doqquz il ötüb bu hadisədən, axırda,
yaralı yaşadılar ömür boyu,
və ölüb getdilər bu yaxında.
Qara camışımızın quyruğu ortadan qırılmışdı,
yadımdadı ilinə, gününəcən,
qızıldöş atımızın əmcəkləri yarılmışdı,
yadımdan çıxmaz ölənəcən,
itimizin güllələnməsi,
quyumuzun suyunun quruması,
Mirəzizin, Mirəşrəfin faciəli ölümü,
hətta, Yağnəlinin qanının qaralması,
hamısı iliyinə, sümüyünəcən yadımdadı,
Süleymanın eşşək belindəki duruşu,
Səmədin itkin düşmüş oğlunun adı…
Tarix kitabları ayrı şey yazır,
yazır ki, öküz Qənbəri vurmayıb,
kürəyini qaşıyıbdır buynuzuyla,
elə bil ki, fil oynayıbmış körpə quzuyla,
digəri yazır ki, Növrəstə arvadın inəyini sel aparmayıb,
inək üzmək istəyərkən atılıb suya,
bu da tarix alimidir guya,
hələ başqa tarixşünaslar görün nə yazır,
yazır ki, Hüseynağa, Həsənağa yaşamayıb bu əsrdə, bu ölkədə,
bıçaqlanıb eləməyiblər,
heç bəlkə də əcəl ilə ölməyiblər…
Yazığım gəlir millətə, tarixçilər tərəfindən
azdırıldığına, azdığına,
bilmirəm gözlərimə inanım,
ya bu alimşünasların yazdığına…
PUL
Bəs deyirdin xəzəl oldu rus pulu,
Ayaq altda görmədik ucuz pulu.
Ölür evdə arvad-uşaq acından,
Qeyb olub eyy, çörək pulu, duz pulu.
İt oğlu it, inanmışdım mən sənə,
Uduzmuşam, qaytar pulu, qus pulu.
Satdım atı bir keçi qiymətinə,
Demişdilər haramdır donuz pulu.
Günü gündən möhkəmləndi dəyəri,
Qayıq batır, di sən də uduz pulu.
Gör necədir bir maşının qiyməti,
Bir şirniquş, bir dənə xoruz pulu.
Dəmir pulu qoy başında sındırım,
Ataq qalsın arxivə kağız pulu…
YAXŞILIQ…
Qar əymişdi budağı,
sınacaqdı, qoymadım,
quruyub ocaqlarda
yanacaqdı, qoymadım,
yaz gəldi, cana gəldi,
budaqdan şiv düzəldib,
döydülər məni,
döyüb-döyüb çırpdılar,
həmən budaq kimi əydilər məni.
Suda boğulan adamın
köməyinə yetişdim,
dedim, bu da xilasdı,
qalxıb çiynim üstünə,
özümü suya basdı.
Havası kəsilmişə
hava verdim, dirildi,
daha mənə salam vermir
küçəmizdən keçəndə,
bir ay deyil, bir ildir.
Cəhrəni işə salıb,
sap əyirdim rəngbərəng,
görən dedi nə gözəl,
baxan dedi nə qəşəng,
döndüm günah keçisinə,
sapdan kəndir düzəltdilər,
boğazımın ölçüsünə.
Kəpəyim də gəlir kara,
ələyimi ələməyim,
bir gün öləcəyəm deyə,
yaxşılıqlar eləməyim?
Adam adam olsun gərək,
dostdu, qohumdu, qardaşdı,
elədiyim yaxşılıqlar,
başıma göylərdən düşən,
ən doğma, ən ağır daşdı…
* * *
Uçdu taya kimi göylər üstümə,
inləyir altında qalam ey, qalam,
acı tüstü kimi bacadan çıxıb,
salam dünya dedim, salam ey, salam.
Mən quşam, yolunmuş lələk deyiləm,
zülmətdən gizlənmiş fələk deyiləm,
arıyam bəlkə də, pətək deyiləm,
bəlkə də ən təmiz balam ey, balam.
Yazmır mən deyəni, qocadır qələm,
susub, sözə baxmır keflənmiş ələm,
çıxaram hamının yadından, nə qəm,
tək sənin yadında qalam ey, qalam.
Mən büstlər yonmağın sənətkarıyam,
güney istisiyəm, quzey qarıyam,
yetişə bilməyən payız barıyam,
gün çıxsa, qar yağsa, kalam ey, kalam.
Kim sevə bilmirsə günah qanında,
xədimdir, yatıbsa qılınc qınında,
yahu, sevənlərin dili qarnında,
mən də səsi batmış lalam ey, lalam.
* * *
Dünya dağılmasın, neyləsin,
imkan verin şair də söz söyləsin,
nə dini, nə qanunu, nə allahı alqışlayır,
o, özünü öldürəcək silahı alqışlayır,
elə bil otağının içində ilan bəsləyir adam,
adamı yalanla böyütdülər,
yalan böyüdür,
yalan bəsləyir adam…
MƏNDƏN
Yer verib köksümdə, dedim,
şimşək kimi çaxın məndən,
ya göz yaşı, ya söz kimi,
gecdi daha, çıxın məndən.
Məktubu yara çatırın,
məktub yükü yüz qatırın,
fərqi yox ki, bir çadırın,
ya da alaçığın məndən.
Ağ üzlər hey ağ qalacaq,
kim ölüb, kim sağ qalacaq,
dağ yenə də dağ qalacaq,
düşün, qopun, çıxın məndən.
GƏL, MƏNİ DƏ GÖTÜR, GEDƏK
Bu yol ki, qəm daşıyandı,
ah çəkdim, ah, daşı yandı,
gəl, bağrımın başı yandı,
gəl, məni də götür, gedək.
Ayrılıqlar həzin olar,
tellər düzüm-düzüm olar,
qərib yolu uzun olar,
gəl, məni də götür, gedək.
Bilməzsən haqq-hesab nədir,
həsrət nədir, əzab nədir,
qəm-qüssə, iztirab nədir,
gəl, məni də götür, gedək.
Gəl, mənim şəkkərim, balım,
gəl, eşqdən can toxuyalım,
gəl, bir şərqi oxuyalım,
gəl, məni də götür, gedək.
Yolam, ağarmış saçınam,
ruham, ağrınam, acınam,
mən sənin dar ağacınam,
gəl, məni də götür, gedək…
ÖLÇÜ VAHİDİ
Ölçü vahidləri dəyişilməli,
məsələn, zamanı saatlarla deyil,
iztirabla ölçməliyik,
ömrümüzü çəkdiyimiz əzabla ölçməliyik,
santimetr yaramır adamın boyuna,
qamış da cəmi bircə dəfə kara gəlir,
o da sən olmayanda,
olanları olmazlarla,
olmazları olanlarla ölçməliyik,
qismətin də öz yeri var,
nisbətin də öz yeri var,
adamın boyu ağlın göstəricisi olsun gərək,
qəlb də uydurmadır, könül də,
gecə-gündüz işləyən ürəkdir, ürək,
ürəyin ritmi saatdan dəqiqdir,
zamanın nəbzindən safdır,
ürək belə əclafdır,
məsafələr ölçülməməli kilometrlə, millə,
ən uyğunu həsrətdir,
fərqini bilən varmı nadanların kamillə,
qürbət elə qürbətdir,
başın ölçüsünü papaqla deyil,
ağılla ölçməliyik,
içimizdəki dərdi ağırla ölçməliyik,
batmanla ölçməliyik,
torpağın qüdrətini kətmənlə ölçməliyik,
gözlərin uzağı görməsi şərt olmamalı,
şərt nəyi necə görməsidir,
gündüzü gündüz,
gecəni gecə görməsidir,
sürəti işıqla ölçür alimlər,
bir eşqin yolunda hamımız dəliyik,
hamımız işığa can atmalıyıq,
hamımız işığa çevrilməliyik…
ÇƏKİ
Tərəzi göstərən qədər deyil adamın çəkisi,
adam özünü çəkə bilmir,
günahını günah, cinayətini cinayət,
yaltaqlığı, alçaqlığı ləkə bilmir,
adam bilmir ümumi çəkisindən
ləyaqətini çıxanda nə qalacaq,
şəxsiyyətini çıxanda nə qalacaq,
əxlaqsızları çəkəndə,
adətən, sıfırı göstərir tərəzilər,
piştaxtata deyil, ambarlarda deyil,
gözdədir tərəzilər,
qanmazlara, nadanlara nə fayda,
adam bilmir çəkisi nə qədərdir, özü nə boyda…
SƏN DƏ…
Yağış yağmırsa, yağdır,
günəş çıxmırsa, çağır,
haray söylə, ay haray,
göydə görünmürsə ay,
gördün əsmir küləklər,
silkələ ağacları,
səp bütün küçə boyu,
səp, ağarmış saçları,
qoy desinlər yağır qar,
yerə çökür qarğılar,
ağ bəzənmiş çiçəklər,
ətir saçmır, qəm eləmə,
ətir saç bu aləmə,
qoy bircə sel olmasın,
göz yaşın yanağında,
buza dönməsin, dönməsin,
gülüşlər dodağında.
Bir gün ağac olmasan,
kölgən olarmı, olmaz,
vətəndaş olmayınca,
ölkən olarmı, olmaz,
ən uzun yol özünsən,
ən kəsə ömür səndə,
çox yaşasan görərdin,
necə dönür qızıla,
söz səndə, dəmir səndə.
Şimşək çaxmır, özün çax,
ildırımtək gurulda,
azadlığa can atmaq
həvəsi olmaz qulda,
özün yarat özünü,
bəndəsən, ya asisən,
bil ki, bu təbiətin,
sən də bir parçasısan.
EH…
Bu dünya,
bir-birimizi aldatmaq üçün,
bir-birimizi satmaq üçün,
bir-birimizi alçatmaq üçün,
ağı qaraya qatmaq üçün,
boğulub batmaq üçün,
uyuyub yatmaq üçün,
xülasə,
bir-birimizi ağlatmaq üçün
yerdi,
qalanı sözdü, nəğmədi, şeirdi…
MƏHƏBBƏT
Qapısı bağlıdır, pəncərəsi kor,
bu dünya bəzəkli imarətimdir,
kədərdən, acıdan, qüssədən, qəmdən,
bir az da sevincdən ibarətimdir.
Nə vaxtdır dad bilmir dişim, damağım,
bu üzdən açılmır qaşım, qabağım,
hərdən arı kimi vızıldamağım,
sözü bal eyləyən qiraətimdir.
Çətin ki, təzədən insan yoğrulam,
ya ki, yaradılam, ya ki, doğulam,
andıma, əhdimə nökərəm, qulam,
sanmayın bu qəlbsiz itaətimdir.
Eşq qibləm, qibləyə üz tutmaq yazım,
bir sübh azanıdır nəğməm, avazım,
sevilmək orucum, sevmək namazım,
məhəbbət ən gözəl ibadətimdir…
KÜÇÜK
Kəsib qulağını dəstəyə qatdıq,
gah qızdın, gah da ki, quyruq buladın,
nəyi oğurladıq, nələri satdıq,
almadın vecinə, hürdün, uladın.
İradə poladdır, dözüm qranit,
ehtiyac səni də əzib, bükdüsə…
Hürməyə dəyərmi, ay it oğlu it,
sonda mükafatın bir sümükdüsə.
Nə şirindir körpə gözlü küçüklər,
məkrlərə, hiylələrə qatılmaz,
hər çörəyi kəsiləndən igid, ər,
hər qulağı kəsiləndən it olmaz.
Bir gün xoruz kimi səsini çəkdir,
durub xoruz kimi banlamasan da,
sənətin ulamaq, işin hürməkdir,
kimə hürdüyünü anlamasan da…
MÜƏMMA
Bu səhər halı varmı
könlümün qubarından,
kim sərxoş, kim buxardır,
həsrətin nübarından?!
Bu döşənmiş yoldumu,
gedən yolda qaldımı,
bir baş açan oldumu,
dünyanın qumarından?
Bu məscid, bu da kilsə,
dualar külçə-külçə,
keçə bildimi kimsə,
yox olduğu varından?
Eh, rahatam bu axşam,
həzin-həzin yanır şam,
elə bil qan almışam,
göylərin damarından…
SİRR
Bir mənəm tək bu dünyada,
bir də doğulmayan dahi,
bir də qəribsəmiş ada-
unudulanların ahı.
Xıxmışdır ərzin nəfəsi,
sındıran yox bu qəfəsi,
susdurmuşdur körpə səsi,
özündən deyən hər şahı.
Çatdıq dərdlərin yazına,
ömrü qazıya-qazıya,
sığışmaz yazı-pozuya,
unudanların günahı.
Açılmaz min il də bu sirr,
qəlbin nəğmələri əsir,
kim sübhandır, kim müqəssir,
özün görürsən, ilahi…
BİZƏ
Üz tutub yol getdik dağlara sarı,
yağışa uğradıq, qar gəldi bizə,
yük oldu el dərdi, könül qubarı,
hamıya gen dünya dar gəldi bizə.
Sınmış ürəkləri yer qucaqladı,
göylər üzümüzə qapı bağladı,
bəli, dabanımız qabar bağladı,
yollarda yorulmaq ar gəldi bizə.
Dindi çiçəklərin şirin dilləri,
ah, könül unutdu bu müşgülləri,
əsdi üzümüzə səhər yelləri,
vallah, elə bildik yar gəldi bizə.
МƏNƏ…
Qəm-qüssə aldı canımı,
kimsə bilməz ünvanımı,
tök gözlərim, iç qanımı,
baxma darıxanda mənə.
Qərib durna köçündə gör,
qürbətlərə köçəndə gör,
məni bulud içində gör,
bax, şimşək çaxanda mənə.
Dörd tərəfdən qol açılır,
əsir sərin yel, açılır,
göy üzünə yol açılır,
hər ulduz axanda mənə.
Sinən üstü yeriyərəm,
aç düyməni, kiriyərəm,
birdən ölüb-eliyərəm,
yer saxla yaxanda mənə.
BİR CANIQ…
(kainatda canlı aləm bir-birinə bağlıdır)
Biz bir bədən, biz bir nəfəs, bir canıq,
bu dünyaya gəlişimiz ayrıdı,
gözlərimiz birdir bizim, ay canım,
gözlərdəki gülüşümüz ayrıdı.
Ağac dili, quş dilidir dilimiz,
mənim dilim, sənin dilin yalandı,
tikələndi qiymə-qiymə könlümüz,
dilim-dilim nəsillər parçalandı.
Mən olmasam, sən olmasan, məhəbbət,
yaranışdan bugünəcən tam deyil,
sən özünə ana deyirsən, əlbət,
uşaq doğan torpaqdır, adam deyil.
Qüssə doldurdu canını, ağladın,
qatil oldu körpə deyib sevdiyim,
sən cəlladı yetişdirdin, doğmadın,
cinayətkar cəmiyyətə nə deyim?
Bir olarsa fikrimizdə zəlzələ,
bir şey qalmaz bu boyda imarətdən,
kim istəmir yaxası keçsin ələ,
qatar kimi gərək çıxmasın xətdən…
O GÖZLƏR…
Görən nəymiş o gözlərin günahı,
uzaqlarda ilğım kimi qəhri nə?
O gözlərə heyran idim mən, axı,
düşmüş idim bir zamanlar sehrinə.
Çeşmə kimi təmiz idi o gözlər,
qara-qara kipriyindən çəpər yox,
dağ arası dəniz idi o gözlər,
gəmiləri batanlardan xəbər yox.
Zülmünə gəl, dünya çöküb, dağılıb,
necə qıymış qətllərə, qanlara,
o gözlərdə neçə aşiq boğulub,
o gözlərdə düşən kim tufanlara?
Var olsaydı, qəddi sınardı buzun,
görünsəydi, bir boynunu qucardım,
o gözlərin çəkdiyi yollar uzun,
o yollara baxa-baxa qocaldım…
AY GÖZƏL…
Bu gecə qəzatək yadıma düşdün,
eşqim topuğuma vurdu, ay gözəl,
köhnəlmiş surətin rəsm əsəritək,
gözlərim önündə durdu, ay gözəl.
Sən çətin girərsən qoynuma, çətin,
gülü gözlərimdə soldu həsrətin,
çalınmaz havası bu məhəbbətin,
çalınan ayrı bir surdu, ay gözəl.
Bənövşə ətirli saçların hördüm,
eşqinə büründüm, olmadı dərdim,
dünyada nə qədər gözəllər gördüm,
ölmədi gözümün qurdu, ay gözəl.
Özün yer üzünə göndərilmiş pay,
quldur hüzurunda şahənşah, saray,
bu gecə, nə günəş belədir, nə ay,
bu ayrı işıqdı, nurdu, ay gözəl.
Üzün dan yeritək rəngə boyanır,
üstündən baxıram əyri qayanın,
məni gözlərinə həsrət qoyanın,
dağılsın tifagı, yurdu, ay gözəl.
BURAX MƏNİ YOL APARSIN
Susuz çöllər, qarlı dağlar,
çəkir məni ayrılıqlar,
nə qədər ki, ayrılıq var,
burax məni yol aparsın.
Allaha bax, tanrıya bax,
elə bil ki, yoxam, burax,
əlindədir yaxam, burax,
burax məni yol aparsın.
Gəl, üzünə baxıb, gedim,
şimşək kimi çaxıb, gedim,
axarım var, axıb, gedim,
burax məni yol aparsın.
Bu yerlərin şərdir adı,
haqq yerini tapammadı,
məni yuxu aparmadı,
burax məni yol aparsın.
Bu dünya bürkü, boğanaq,
uzaqlarda cənnətə bax,
yollar örkən, sən doğanaq,
burax məni yol aparsın.
Boyu uzun buray xanım,
saçı uzun suray xanım,
yol qəbir deyil ay xanım,
burax məni yol aparsın…
* * *
Yuxuda özünə heykəl ucaldar,
Deyəsən, keçibdir ardan, həyadan,
Hər şair içində bir xəstəlik var:
Fəxri ad, mükafat, Fəxri Xiyaban!..
* * *
Nə günəşində qızındım,
nə bir gəzindim qarında,
Brüssel oylə bir şəhər,
yox dənizi kənarında…
* * *
Adamdır, doğulur, yaşayır, ölür,
Bir gün getməlidir əlbəttə, gələn.
Adam sayılarmı bu gen dünyada,
Bir dəfə doğulub, yüz dəfə ölən?..
* * *
Dil töküb yalvarmadımmı,
Yoxmu bir sözümün karı?
Hayqırtımı eşitmədin,
Hıçqırtımı eşit, barı…
QALX!
Qalx özündən yuxarı, canın cəhənnəm olsun,
azadlığın ordadır – güclərin arasında,
Qoy günahın göy qədər, qoy savabın kəm olsun,
Çürüyub ovxalanma bürclərin arasında.
Orda yuyulmuş yaxan, orda köynəyin təmiz,
Gözlərin də dupduru, qaynasın bulaq kimi,
Ləkə götürmür günəş, sudan bulanmır dəniz,
Qalx, görün dalğa-dalğa uzaqlardan dağ kimi.
Savaşlar bir sınaqmış, sorulmaz bədənindən,
Nə dava məqsədimiz, nə sülh günahımızdır.
Bir gün də qürbətlərə yol çıxar vətənindən,
Azadlıq son dərdimiz, həm də son ahımızdır.
Ayaqlarından çəkib, basacaqlar başından,
Nədir anlayacaqsan, nəymiş bu yazı, qədər,
Yox ayrı müharibə, ayrı eşq savaşından,
Qalx özündən yuxarı qalxa bildiyin qədər.
SƏN MƏNƏ ŞAİR DEMƏ
Gözün üstə qaşın, de,
neçədirsə yaşım, de,
dostum de, qardaşım de,
sən mənə şair demə.
Şair beləmi olur,
hər gün saralıb solur,
hər gün gözləri dolur,
sən mənə şair demə.
Yanmaram ki, yan desən,
can sənə qurban desən,
canın çıxar can desən?
Sən mənə şair demə.
Yuvasız quşam əlbət,
dilimdə nəğməm qürbət,
qəribəm, yerim xəlvət,
sən mənə şair demə.
Həsrət saçların yolar,
sınar, əzilər yollar,
yurdsuz şairmi olar?
Sən mənə şair demə.
BİR İTİN PORTRETİ
Çatıb doxsana yaşı,
ağarıb ömrü, başı,
nəyi var, nəyi kəmdi,
sümükləri möhkəmdi,
möhkəmdi sütunları,
niyə yazdım bunları?
Adam susub, səs salmır,
ona görə qocalmır,
var yeməyə iştahı,
tanımır da allahı,
qonşu acından ölür,
busa aclara gülür,
yaltaqlanır bu qanmaz,
onunçün da keyfi saz,
dəf kimidir əhvalı,
əskik olmayır yalı,
bəxtəvərdir it kimi,
soyuqdur meyit kimi,
hər sözü bir həndəsə,
əl yetirməz bir kəsə,
doxsana çatıb yaşı,
olub şərin qardaşı,
çox adam tutdurubdur,
xalqa qan utdurubdur,
quzutək bu dövləti
əmir, puçdur niyyəti,
nə olsun çıxıb adı,
bəxtəvərdir arvadı,
qızı zərgər dükanı,
bic oğluna tay hanı,
qeyrətdən bixəbərdir,
millətdən bixəbərdir,
amalı var-dövlət, pul,
özü kölə, nəsli qul,
çirkinə göyçək deyər,
papağa ləçək deyər,
qardaş hardadır, susur,
bacı dardadır, susur,
qohumlar yanır, yansın,
canı var, dinc dayansın,
hürməsin hər yetənə,
qul olsun bu vətənə,
baş əysin hökmdara,
bir günü olmaz qara,
qoy bacarsın seçməyi,
artsın yeyib içməyi,
padşaha ağ olmazlar,
olanlar sağ olmazlar,
sözümün canı budur,
nə şıllaq at, nə qudur,
başını aşağı sal,
bu it damı, bu da yal,
fərqi yox sürün, yaşa,
belə vur ömrü başa,
öl, malını yesinlər,
bir it öldü desinlər,
it dedim, it bağışlar,
hər kəs iti alqışlar…
Yaşı çatıb doxsana,
buna baxıb qorxsana.
* * *
Güllər al-əlvan,
açıb çiçəklər,
könül oxşayır,
göy biçənəklər,
yayılıb çölə,
ağ kəpənəklər,
xoş ətirlidir
əsən küləklər.
Azman duruşda,
əsgər dağımız,
göy qurşagıdır,
öz bayrağımız,
cana can qatır,
öz torpağımız,
gör nə gözəldir,
Vətən bağımız!
BƏLKƏ…
Dərd olsaydın, köksümdə yer alardın,
bəlkə qəmsən, bəlkə adi kədərsən,
dərd olsaydın, gözümdə yer salardın,
olsan belə, özgə dərdi qədərsən.
Dünya soyuq, məzarımız nəmişkən,
küləklərin, şaxtaların üzü sərt,
mən demədim, aşıq Veysəl demişkən,
şairlərin sadiq dostu dərddi, dərd.
İstəmirəm, söz söyləyib bezdirim,
mat qalmışam, heç bilmirəm neyləyim,
bəlkə səni ürəyimdə gəzdirim,
bəlkə səni özümə dərd eyləyim?
Batmaz yasa dərd dağını yıxanlar,
üstü-başı demə qarmış şairin,
qoy desinlər gözlərimə baxanlar,
ah, nə gözəl dərdi varmış şairin…
BİZ AYRI DÜNYANIN ADAMLARIYIQ
Bölüb ayırmışıq bir olan dərdi,
mən çarxam, səninsə qolların pərdi,
səndə axşam düşüb, məndə səhərdi,
biz ayrı dünyanın adamlarıyıq.
Mən yerəm, torpağam, sən dişli xışsan,
mən bulud, sən məndən yağan yağışsan,
mən yazam, sən gələn sazaqlı qışsan,
biz ayrı dünyanın adamlarıyıq.
Bir vaxtlar sevgimiz vardı bir qucaq,
sən güldün, mən gülün üstündə saçaq,
mən daşam, sən yanıb qurtarmış ocaq,
biz ayrı dünyanın adamlarıyıq.
Bu göy də həməndi, bu yer də həmən,
nə sən günahkarsan bu işdə, nə mən,
birimiz arıyıq, birimiz çəmən,
biz ayrı dünyanın adamlarıyıq.
Birimiz qürbətik, birimiz durna,
uç get uzaqlara, yorulub durma,
birimiz ət olduq, birimiz dırnaq,
biz ayrı dünyanın adamlarıyıq.
Sən dağsan, mən dağda dumanam, çənəm,
sən sünbül, mən isə saralmış dənəm,
həsrət, qübar sənsən, ayrılıq mənəm,
biz ayrı dünyanın adamlarıyıq…
QÜRBƏT QOCALTDI ŞAİRİ…
Dərdlər, qəmlər məst elədi,
xiffət qocaltdı şairi,
ayrılıqlar qəsd elədi,
möhnət qocaltdı şairi.
Gözlərində alov, cəngi,
hey uçdu bəxt çərpələngi,
payıztək saraldı rəngi,
həsrət qocaltdı şairi.
Bu surətin seyrinə gəl,
nə tez cövrün dəyişdi ləl,
cavan idi bir il əvvəl,
şöhrət qocaltdı şairi.
Sübh çağı günəş püstəmi,
bulud lay-lay, üst-üstəmi?
…Şair qocalmaq istəmir,
qürbət qocaltdı şairi.
BİRLİYİN GÜCÜ…
Canım, səndən ayrı mənim canım yox,
Biz bir canda minbir canın hasili,
Aramızda müstəqildir məhəbbət,
Nə mən səndən, nə sən məndən asılı.
Bir canıkən parçalandıq, bölündük,
Tərifimiz, alqışımız birdir, bir,
Üstümüzə yağan qar ayırmadı,
Hər naləmiz, qarğışımız birdir, bir.
Gözlərini yollara bağışladım,
Əllərinin göylərdədir duası,
Bir ah çəkdin səhər yeli əsməmiş,
Elə bildim dağıldı quş yuvası.
Bir can idik, yerindəydi bu dünya,
Nələr oldu, dəfn eləyək dünəndə,
Tikə-tikə parçalanmış ömrümüz,
Qurtulacaq biz bir cana dönəndə…
MƏNİM DİLİM
(uşaqlar üçün)
Mənim dilim quş dili,
gül dili, çiçək dili,
ah, necə ətirlidir,
agzında ləçək dili,
bir bostanın qırmızı,
dadlı çiyələk dili,
var dilimin arıtək,
bal dili, pətək dili,
yerin üstündə təndir,
təndirdə çörək dili,
axar su mənim dilim,
şeh dili, çisək dili,
bulud dilidir bu dil,
ildırım, şimşək dili,
bu, məhəbbət dilidir,
qəlb dili, ürək dili,
gəlin sevək bu yurdu,
sevib öyrənək dili.
HEYİF…
Nə qaçırsan, yer bəllidir, göy bəlli,
hara getsən bu qabıqdan çıxış yox,
elə bildin dünya hamar dünyadı,
elə bildin dərə yoxdur, yoxuş yox?
Harda olsan, yağış tutar, qar gələr,
gizlətməyə yer tapmazsan başını,
əlin çatmaz, axar sular qarışdı,
siləmməzsən yanaqdan göz yaşını.
Gecə kimi qaralmasın qanın heç,
bulud varsa, arxasında günəş pərt,
bir də onda ayılarsan yuxudan,
hamınındır bir nəfərə gələn dərd.
Heyif, heyif, sevgi olub yad bizə,
sevincimiz əzabımızla təndi,
bu adamlar daş yükləyə-yükləyə,
bir-birinə daş atmağı öyrəndi…
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «Литрес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/book/saday-shekerli/surgun-70581934/chitat-onlayn/?lfrom=390579938) на Литрес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.