Həyat sandığı
Zaur Pənahov
Qaranlıq günəş #2
Üçlüyün ölümündən artıq beş il keçib. Çöküşdən sonra baş qaldıran qazza üsyanı, Elion tərəfindən basdırılsa da, Draqzin və Zeldan gizlənə bilmişdi. İndi isə, hər kəsi gündən-günə daha dərin qorxuya salan bir həqiqət var idi. Əsrlərdir tanınan ən qəddar düşmən, az qala beş ildir ki səssizliyə qərq olmuşdu. Yolunu azmış ürkək ovuna, qaranlıqda səssiz yaxınlaşan vidra kimi.
Elionun yaratdığı yeni dəstəyə daxil olan Eçso, dəstə üzvləri ilə birgə Draqzini öldürmə tapşırığı alır. Lakin yola çıxmazdan əvvəl, təxmin belə etmədiyi həqiqətləri öyrənir. Elionun illərdir onu hər kəsdən qorumağının, hətta onun özündən gizli saxladığı bir səbəbi var idi. Hansı ki, Draqzin də bilirdi bunu. İlk görüşlərində “Etibar etdiklərinin əsl üzünü görən zaman, səni gözləyəcəm,” demişdi qaranlıq şahzadə.
Zaur Pənahov
Qaranliq Günəş
Həyat Sandiği
Zaur Pənahov – Qaranlıq Günəş seriyası #2
Azərbaycan
Pan Nəşriyyatı, 2022
2-ci nəşr
İSBN 978-9952-8331-5-7
©Zaur Pənahov
Eçso, ağrı içində dizləri üzərinə qalxıb ağzını dolduran qanı daddı. Nəfəs almaqda çətinlik çəkirdi. Bir neçə uğursuz cəhddən sonra çətinliklə də olsa ayağa qalxdı. Qaranlıq çökmüş gözləri hələ yeni görməyə başlamışdı. Dərin bir səssizlik çökmüşdü qaranlıq meşəyə. Nə göy üzü görünürdü, nə də bir neçə qurumuş ağacdan sonra meşənin qalanı. Yalnız o vardı… o və Eçso.
"Özünə bir bax," deyirdi o, üzü örtülmüşdü, səsi tanış deyildi. "Nə etdiyini özün də bilmirsən. Nə üçün mübarizə apardığını, nə üçün… seçildiyini."
"Sən kimsən?" soruşdu Eçso.
"Bu müharibənin qalibi yoxdu. Tarixi yaradılışa çatan bir qarşıdurmanın şər tərəfindəsən Eçso. Bu şər səni ruhunun dərinliklərinə kimi məhv edəcək."
"Kimsən sən?!"
"Mən, sən idim," cavab verdi o, "Və sən mən olacaqsan," deyərək üzünü açdı.
Nisbətən yaşlı görünsə də Eçso özünü tanıdı. Üzü, dözülməz əzablar keçirmiş bir insanın üz cizgilərinə sahib idi. Baxışları buz kimi, səsi qaranlıq gecələrin kabus sədalarını xatırladırdı.
"Mən sənin gələcəyinəm, Eçso," deyə davam etdi yaşlı Eçso. "Sənin iztirablı, itmiş, keçmişi olmayan, ümidsiz gələcəyinəm. Bu sənin qaçılmaz taleyindi. Qaranlıq, tezliklə…"
Termin
Metha:
Pul qarşılığı müdafiə təmin edən döyüşçülər.
Xes:
Yalnız sehrdən istifadə edən döyüşçü növü.
İs:
Sehrdən istifadə zamanı bədəndən ayrılan vahid enerji dəyəri. Bir is, yumruq ölçüsündə od sehrinə bərabərdir.
İzakelemin:
Rizanmaqların başqasının gözü ilə görmə qabiliyyəti.
Nakrin:
Təlimi hələ davam edən gənc nakra.
Torqo:
Azar və Jinzan xaric bütün ərazilərdə yarı tanrılar kimi tanınan ovçular. Yalnız ekro irqi üçün.
Ja`xa:
Kölgələrin Draqzinə xitab forması. Dernada dəstə başçılarına bu cür xitab edilirdi.
Kitabdakı adların böyük qismində vurğu birinci hecaya düşür.
Başlanğıcda
Böyük qardaşına qarşı hiss etdiyi qısqanclıq, atasına qarşı hiss etdiyi nifrətlə birləşən zaman, Draqzin öz yolunu seçdi. Bu yolda qarşısına çıxacaq hər şeyi məhv etməyə hazır idi. Ancaq hədəfinə bir addım qalmış, qardaşı Stakra tərəfindən məğlubiyyətə uğradı. Qəlbini o qədər dərin bir kin bürümüşdü ki, heç kim ona ikinci bir şans vermək haqda fikirləşmədi. Onun kimilərin yeri Derna torpaqları idi.
Günəşsiz, nəm və bərəkətsiz torpaqları ilə Derna, ən qəddar məhbuslara həbsxana olmağı ilə tanınırdı. Çıxışı olmayan sıx meşəlik, hər addımda ölümcül bataqlıqlar və sonu olmayan vidra sürüləri. Gənc Draqzinin burda keçirdiyi illər, onun gücünə güc qatdı və bir gün intiqam üçün geri qayıtdı. Bu dəfə tabeliyində vidralardan və məhbuslardan ibarət böyük bir ordu ilə.
Heç kim, hətta qardaşı Stakra belə onun gəlişinə hazır deyildi. Əsrlərdir əmin-amanlıq içində yaşayan Ekroin, bir neçə il içində qan çayları və günəşi qaranlığa qərq edən tüstülər içində qaldı. Mərkəzi idarə sistemi yox oldu, bir çox müqəddəs qan ekroları qətlə yetirildi və ekroində qaranlıq era başladı. Bunlara baxmayaraq Draqzin əsas məqsədinə
çatmamışdı. Stakra müqəddəs kitabla birlikdə neam eylə qaçmışdı.
Nəhayət paralel dünyaya keçən qapını açan Draqzin, adamları ilə birlikdə Ekroini tərk etdi. Ancaq keçdiyi dünyada onu daha böyük və güclü bir ordu gözləyirdi. Qardaşı Stakra tərəfindən hazırlanmış silahlı insan ordusu.
Uzun nizələr və metal qılıncların üzərini boyayan vidra qanları çoxaldıqca Draqzin sonun artıq çatdığını hiss edirdi. Bu cür məğlub olmağı planlaşdırmamışdı, belə asan təslim ola bilməzdi. Ona lazım olanı almamış geri qayıda bilməzdi.
İnsan ordusu qələbəyə yaxınlaşsa da ona rəqib ola biləcək yeganə şəxs Stakra idi. Artıq əsrlərdir davam edən qətliyamlara burada son qoymağa qərar verən ali hökmdar, Draqzinə qarşı tək döyüşdü. Səbəbi dəqiq bilinməsə də döyüş çox qısa çəkdi. Gözdən uzaq bir yerdə öncə gurultulu bir ildırıma bənzər səs, sonra isə parıltısı ilə gözləri qamaşdıran bir işıq göründü. Bu möhtəşəm parıltının adı sirr saxlansa da insan irqinin qalibiyyət rəmzi olmuşdu.
1. Oringen sınağı
Qalib olmaq istəyirəm
Düz qayalı dağlar aşıb
Ucsuz, dərin göllər üzüb
Göy üzü qara, boz buludlarla örtülmüşdü. Hərdən çaxan ildırımlar bəzən uzun, işıqlı damar kimi özünü göstərərkən, bəzən də elə buludların içindəcə parıldayırdı. Aramla gələn gurultu səsləri isə ildırımdan bir neçə döyüntü sonra və olduqca şiddətlə qulaqlarda əks olunurdu. İki gün əvvəl başlayan güclü yağış hələ yeni kəsmişdi, lakin yorulmaq bilməyən nəhəng buludlar torpağı daha bir yağmur atəşi ilə təhdid edirdilər.
Yeni Azarın ən təhlükəli əraziləri içində birinci gələn Sirenat ovalığı, hər tərəfə səpələnmiş ağacları və insan boyunu keçən otları ilə vidraların ən çox sevdiyi torpaqlar idi. Bu ovalıqda az qala ilin bütün fəsillərində yağış yağırdı və buludlar göy üzünü demək olar ki, tərk etmirdilər. Geniş bataqlıqlar, dayaz göllər və heç vaxt əskik olmayan nəm hava bir vidra üçün əvəzolunmaz idi. Əlavə olaraq vidraların qızğın ov mövsümü olan payız fəslinin gəlməyi Sirenat ovalığını ölüm məkanına çevirirdi.
Hərdən əsən sərin küləyin təsiri ilə insan boyunu keçən saralmış otlar dəniz kimi dalğalanır, islanmış gövdələri ildırımın işıqları ilə parıldayırdı. Otları yararaq yaxınlaşan bir şey, ovunu amansızca təqib edən vəhşi heyvanı xatırladırdı. Yaxınlaşdıqca bu canlının təngnəfəs olmuş xırıltılı səsini daha aydın eşitmək olurdu. Səsin sahibi sürətini azaldaraq daha da yaxınlaşdı və seyrəlməyə başlayan otların arasından çıxdı.
Qaçmaqdan az qala nəfəsi kəsilirdi. Sıx otların nəmişliyindən boğulan Eçso, yarı bükülü vəziyyətdə bir neçə dəqiqə nəfəsini dərib gözlərini qaldırdı. Otlaqları keçmək üçün vidraların yuxu vaxtının gəlməyini gözləsə də təkcə bu gün ölümdən iki dəfə qaça bilmişdi. Bir dəfə təsadüfən vidra yuvasının yanından keçərkən balasını qoruyan dişi vidranın təqibinə məruz qalmış, ikincisində isə pusquda yatmış başqa bir vidradan yara almamış qaçmağı bacarmışdı. Hər iki hadisədə xilas olmağının ən böyük səbəbi günün bu vaxtında vidraların tənbəl və yuxulu olmaqları idi.
Bir çox yeri cırılmış adi işçi paltarını çıxaran Eçso, qan-tərə batmış bədəninə sərin küləyin dəyməyi üçün qollarını açıb bir müddət gözlədi. Keçən beş ildə Eçso çox dəyişmişdi. Piyli geniş bədənini indi tərlə parıldayan bərk əzələlər əvəz edirdi. Rəngi bir az qaralmış, on üç gündür qırxmadığı üzü tüklənmişdi. Hər zaman eyni ölçüdə olan qəhvəyi saçı kənardan dağınıq görünsə də xüsusi bir cazibəsi vardı.
İstidən və yorğunluqdan qızarmış bədənində bəzi tikiş və yara izləri asanlıqla görünürdü. Bu izlərin içində ən çox diqqət çəkəni isə sinəsindən qarnına kimi uzanan vidra caynaqlarının izləri idi. Uşaq vaxtı aldığı yaralar ilk baxışda çox nəzərə dəyməsə də, diqqətlə baxdıqda həmin gecənin dəhşətini göstərməyə kifayət edirdi.
Son dəfə dərindən nəfəs alan Eçso, qabaqcadan planlaşdırdığı istiqamətdə getməyə başladı. Yalın ayaqları soyuq torpaqda heç bir narahatlıq hiss etmirdi. İki gün meşənin çöplü torpaqlarında qaçdıqdan sonra ayaqyalın yeriməyə öyrənmişdi. Eçso yeriyərkən ayaqlarının qeyri-ixtiyari sürətləndiyini, ayaq əzələlərinin dərinin altında ürək kimi atdığını hiss edirdi. Bu qədər vaxt fasiləsiz qaçmaq ayaqlarını keyitmişdi. Lakin o, buna artıq vərdiş etmişdi. Beş ilə yaxın keçdiyi intensiv təlim, Eçsonu at kimi sürətli, qarışqa kimi yorulmaz və daş kimi dözümlü etmişdi.
Düz beş il bundan əvvəl Üçlük sisteminin çökməyinə səbəb olan hadisələr onu bura gətirib çıxarmışdı. Həmin vaxta kimi adi xenera olan Eçso və bütün Azarın həyatını Qaranlıq Günəş adlı güc mənbəyi xilas etmişdi. Sağ əlinin içindəki günəşə bənzəyən qara ləkə və bu günəşin biləyinə, hətta dirsəyinə kimi uzanan qara zolaqları beş il ərzində onu çox məşhur etmişdi. Beləliklə, daim idarən altında olmayan güc, güc deyil, zəiflikdir deyən Elion, olduqca çox olan yaşına baxmayaraq Eçsonun nakra təlimi almağına qərar vermişdi. Ən azı fiziki güc qədər biliyə də dəyər verən nakra təliminin hər bir günü gənc Eçso üçün əzablı keçən illərə bərabər idi. Təlimlərin bəziləri o qədər dözülməz olurdu ki, Eçso hətta bir gün qaçış təlimlərindən birində mütləq öləcəyinə əmin idi. İntensiv keçən dərslərlə yanaşı fiziki təlim ustaları da olduqca tələbkar, seçilmiş döyüşçülər idi. Təlimçilərini heyrətə salan dözümlülüyü və güclü yaddaşı nəticəsində Eçso, başqalarının on iki ildə aldığı təlimi əzablı keçən dörd il ərzində aldı. Təliminin beşinci ilində iyirmi dörd yaşına çatan Eçso, on yeddi yaşlı nakrinlərə qatılaraq son bir ildə rahat nəfəs almışdı.
İndi isə ağır keçən təlimlərin meyvəsini yığmaq üçün son sınaq olan Oringen sınağından keçməyin vaxtı çatmışdı. Yalnız son sınaqdan sonra bir nakrin, nakra adını ala bilərdi. Oringen, nakrinlərin təlim müddətində qarşılaşdıqları sınaqlara oxşasa da bir çox ünsürləri və çətinlik dərəcəsi ilə fərqlənirdi. Oringen tapşırığı on dörd gündə keçirilən iyirmi tapşırıqdan ibarətdir. Bunların on ikisi asan, yeddisi çətin və biri çox çətin olan, bir-birinə bağlı iyirmi tapşırıq.
On dörd gün ərzində Eçso on səkkiz tapşırığın öhdəsindən gəlmişdi. Bura kimi gəlib çatmağı bunu göstərirdi. Çünki tapşırıqlar o qədər qüsursuz bir-birinə bağlanmışdı ki, birinci tapşırığı etməmiş ikincini nəinki etmək, bəzən heç onun nə olduğunu belə bilmirsən. Başlanğıc olaraq yerinə yetirdiyi on iki tapşırıq Eçso üçün çox asan keçmişdi. Vidra sürüsünün hərəkət istiqamətini tapmaq, canlı vidra balası tutmaq, qanunsuz vidra tacirini tutmaq və buna bənzər qurulmuş tapşırıqların on ikincisi onu ilk çətin tapşırığa aparmışdı. Yeddi çətin tapşırıq isə hər biri ayrılıqda bir əşya qazandırır. Hansı ki bu əşya ya növbəti tapşırığın yerini göstərir, ya da həmin tapşırığı yerinə yetirməyə kömək edir. Ancaq on beşinci tapşırıqda tapdığı açarı və on yeddinci tapşırıqda tapdığı xəncəri hələ işlətmə fürsəti tapmamışdı. Ola bilsin xəncər özünü qorumaq üçün idi, lakin belə olmadığını gənc nakrin bilirdi. Küt ağızlı, balaca, dəmir xəncərlə nəinki vidra, heç toyuq da öldürmək olmazdı.
Eçso dayanıb xəritəsini açaraq doğru yolda olub-olmadığına baxdı. Günəşin və ulduzların olmadığı Sirenat torpaqlarında yolunu tapmaq az qala mümkünsüz idi. On səkkizinci tapşırıqda tapdığı bu xəritə yaxşı ki xüsusi xəritə idi. Burada yol dağların, meşələrin, ağacların, evlərin və göllərin vasitəsi ilə xüsusi işarələrlə göstərilirdi. Hara gedəcəyini bilmək üçün bu işarələrin mənasını bilmək kifayət edirdi. Eçso qəzəblə öz-özünə deyindi.
Oringen sınağından əvvəl keçirilən təlimatda on doqquzuncu və iyirminci tapşırığın bir şəhərdə olacağı və ora ən gec sınağın on üçüncü günündə çatmalı olduqları bildirilmişdi. Digər tapşırıqları vaxtında bitirməyinə baxmayaraq, Eçso bir gün gecikmişdi. İki ən vacib və çətin tapşırıq onu gözləyirdi, lakin bu günün sonunda ona verilən vaxt bitirdi. Demək olar ki, yarım gündən də az vaxtı qalmışdı. Sınağı vaxtında keçmədiyi təqdirdə Eçso növbəti ili gözləməli olacaq.
Payızın gəlişi ilə sarı rəngə bürünmüş ərazi, sanki uzaq bir yerdə göylə birləşirdi. Çox diqqətlə baxdıqda Koran dağları yaxınlığında möhkəm yağışın yağdığını görmək olurdu. Və külək əks istiqamətdə əsirdi. Bu, şiddətli yağışın tezliklə bura da gəlib çatacağını göstərirdi. Hər baxımdan Eçso az vaxtının qaldığını anlayırdı, lakin hədəfinə doğru qaçmaq istəmirdi. Lazım olan yerə çatdıqda yorğunluq ən böyük düşməni ola bilərdi. Onsuz da son altı gündə düzgün yatmamışdı. Eçso tərk edilmiş bir dəyirmanın yanından keçərək yoxuşu qalxdı. Çatmışdı.
Sirenat ərazisinin mirvarisi olan böyük Sirenat şəhəri, daha doğrusu şəhərdən geri qalan xarabalıq aşağıda, gözlərinin qabağında idi. Eçso şəhərə baxarkən qeyri-ixtiyari sükuta qərq olmuşdu. Yarı bükülü vəziyyətdə durub uzaqdan daş yığınından çox da fərqlənməyən şəhərə baxırdı gözləri, amma beyni yatırdı. Dəhşətli dərəcədə yorulmuşdu və çox yuxusu gəlirdi. Fikrini cəmləməyə çalışırdı, lakin alınmırdı. Hər dəfə “Bir az da dincəlim sonra gedərəm,” deyə-deyə az qala yuxulayırdı ki, birdən yaxınlığındakı ağaclardan birinə qulaq batıran gurultu ilə ildırım düşdü. Ağac şaqqıltı ilə aralanıb yanmağa başlamışdı.
Gözünün ani olaraq yumulmağı ilə hətta yuxu belə görən Eçso, qopan gurultu ilə geri atılmışdı. Bədəninə girən qorxu artıq bütün yuxusunu qaçırmışdı. Gözlərini ovuşdurub son dəfə ətrafa göz gəzdirdi. Üşüməyə başlamışdı. Çılpaq bədənini döyən külək getdikcə soyuyur, sanki yaxınlaşan yağış haqqında xəbərdarlıq edirdi. Nəhayət asta addımlarla başlayan qaçış aşağı doğru enən ərazi ilə birlikdə sürətləndi və Eçso Sirenat şəhərinin xarabalığına doğru qaçmağa başladı.
Ora çatdıqda haradan başlayacağını bilmirdi. Şəhəri əhatə edən hündür, taxta hasar çoxdan çürüyüb, bir çox yerləri uçmuşdu. Yaşayış yerlərinin çoxu bir-birinin eynisi olan daş evlər idi. Küçələrin birini digərindən çətinliklə fərqləndirmək olurdu. Demək olar ki, hər tərəfi sarmaşıqlar, hündür kollar və ağaclar tutmuşdu. Küçələrdə vızıldayan külək, qurumuş yarpaqları qabağına alıb bir o yana, bir bu yana aparırdı.
Eçso sonuncu çətin tapşırıqda nakra zirehini və silahını tapacağını bilirdi. Digər tapşırıqlar keçirildiyi əraziyə və vaxta görə fərqli olsa da on doqquzuncu tapşırıq heç vaxt dəyişmirdi. Son həlledici ağır tapşırığın öhdəsindən gəlmək üçün nakrinə zirehi və silahı verilirdi. Lakin bu silahı da tapmaq lazımdı.
Eçso qurumuş kolların arasından keçərək özünə açıq yol tapdı və nə edəcəyinə qərar verməzdən əvvəl bir müddət sadəcə yeridi. Silahı istənilən yerdə ola bilərdi. Evlərdən birinin içində, ağacın başında, yeraltı kanalizasiyada və hətta torpağın altında. Eçso sınaq başlamazdan əvvəl hər kəs kimi köhnə nakralardan sınaq haqda bəzi məlumatlar almışdı.
“On doqquzuncu sınaqda ən çox nəyə fikir vermək lazımdı?” deyə Eçso nakradan soruşmuşdu.
“Sən hansı dərəcədən keçəcəksən?” nakra daha dəqiq cavab vermək üçün sual vermişdi.
Nakrinlər son sınağa kimi göstərdikləri uğurlara görə birinci, ikinci, üçüncü və xüsusi olmaqla dörd səviyyədə bölünürlər. Bunlar ardıcıl olaraq güclü, orta, zəif və rizanmaq səviyyələridir. Bu bölgüyə görə nakralar Azarın müxtəlif yerlərində fəaliyyət göstərən sınaq ərazilərinə bölünürlər.
“Birinci dərəcədən,” deyə Eçso qürurla cavab vermişdi.
Nakra bir az düşündükdən sonra “Belə çıxır Oringen sınağından keçəcəksən. Əngəllərin böyük qismi, eləcə də son tapşırıq vidralarla bağlı olacaq,” deyə cavab vermişdi “Ən az iyirmi tapşırıq.”
“Bunu bilirəm. Sirenat ərazisinə düşdüyümdən də demək olar ki, əminəm. Bilmək istəyir…”
“Sirenat?!” Nakra təəccüblə gözlərini bərəltmişdi. “Dəqiq bilirsən ora düşmüsən? Bu qədər təcrübəm var, yenə də mən belə ora tək getməyə qorxuram. Mən bilən hər il minlərlə gənc nakrindən yalnız beşi orada sınaqdan keçmək şansı qazanır.”
“Bəli. Soruşmaq istəyirəm on doqquzuncu tapşırıqda təqribən nələrə fikir vermək lazımdı?”
Nakra bir az düşünərək “İşarələr,” cavabını vermişdi “Silahlanma tapşırığı bütün sınaqlarda demək olar ki eyni olur. Küçələr, evlər hətta ağacların üzərinə çəkilmiş işarələri, bir-bir tapmalısan. Bir dənəsini tapsan qalanlarını onun köməyi ilə taparsan. Sonra işarələri yəni heroqlifləri ardıcıllıqla düz.”
“Bir dəqiqə, dayan, onların ardıcıllığını necə bilim?”
“Birincisini asanlıqla görəcəksən, onu həmişə asan yerə çəkirlər. Birinci heroqlifi tərcümə etsən ikincinin olduğu yeri taparsan və beləliklə on altı işarə tapdıqdan sonra…”
“On altı?!”
“Bir az bezdiricidi, lakin çətin deyil,” deyə nakra Eçsonun narahat baxışlarını görüb bildirdi. “Yəqin ki, qədim ekro dilini öyrənmisən, çünki heroqliflər qədim dildə olacaq və inan mənə içindən birinin belə tərcüməsini bilməsən silahını tapmayacaqsan.”
Eçso bir az düşünüb “Bəs bütün bunlar üçün nə qədər vaxta ehtiyacım olacaq?” soruşmuşdu yenidən.
“Əslində bunun üçün sizə bir gün verilir, yenə də şəhərə digərləri ilə birlikdə çatıb işarələri köməkli axtarsanız və bəxtiniz gətirsə hardasa…” nakra əlini çənəsinə aparıb qısa bir hesablama apardı “On ikinci günün səhəri axtarışa başlayıb gün zirvəyə qalxmamış silahları tapa bilərsiniz.”
“Elə bilirdim bir az…”
“Təhlükəli olacaq?” Nakra sözünü kəsmişdi. “Narahat olma vaxt itkisindən başqa burada təhlükəli heç nə yoxdur. Təlimçilər heç kimin silahsız qalmağını istəmir, ona görə də mümkün qədər tapşırığı asanlaşdırmağa çalışırlar.”
Bu izahat Eçsonun sınaq qabağı həyəcanını azaltmışdı. Vaxt məhdudiyyətinin ona maneə olmayacağını düşünürdü. Ancaq yanıldığını sınağın bitməyinə bir neçə saat qalmış anlamışdı. Görə bilməsə də günəşin zirvəyə yaxınlaşdığını təxmin edə bilirdi. Günün sonuna kimi silahını tapsa belə iyirminci tapşırıq üçün vaxtı qalmırdı.
Şəhərə girdiyi andan hər yerə diqqətlə baxan Eçso, düz önündə yan tərəfi uçmuş, nəhəng bir binanın üzərində insan böyüklüyündəki ilk işarəni görüb bir anlıq sevinsə də baxışları həmin sürətlə dəyişmişdi. Heroqlifin biri dalğalı dənizi digəri isə ortasından və altından düz xətt çəkilmiş hilalı xatırladırdı. Eçso nəinki qədim dili, hətta ekro dilini zəif bildiyini qəbul etdi. Elə indidən, birinci və ən asan heroqliflər onda şübhə yaradırdı.
“Su, gözləmək ya da zaman deməkdi,” deyə öz-özünə danışarkən daha yaxşı xatırlamağa çalışdı. “Bu isə… həsrət, mmm… hə, gözləmək, yolunu gözləmək…” yuxusuzluqdan yaddaşı daha da zəifləyən Eçso ard-arda mümkün olan bütün ehtimalları düşünərək uyğun cümləni tapmağa çalışırdı “zaman bildirən… səni gözlədi… yox bu da deyil. Su davamlılıq bildirən zaman növüdür, tapdım… Hələ də səni gözləyir.” Heroqliflərin tərcüməsini tapan Eçso, bu ifadəni haradansa xatırladığına əmin idi. “Bərəkət tanrısı Raxha!” deyə yerindən sıçradı.
Qalırdı bərəkət tanrısının məbədini tapmaq ki, bu asan idi. Məbədin uzunsov gövdəsi digər bütün evlərdən hündürdə olduğu üçün şəhərin istənilən yerindən görmək olurdu.
Sirenat şəhəri köhnə şəhər olmaqla yanaşı həm də bir vaxtlar Yeni Azarın ən səliqəli şəhərlərindən biri idi. Genişliyi elə çox olmasa da keçmişdə qida karvanlarının əksəriyyəti buradan başlayırdı. Vidraların az olduğu o dövrlər ən yüksək inkişafa çatan şəhər, getdikcə artan vidra hücumlarına tab gətirməmiş, sonda isə Sirenatın tamamilə boşaldılmağına qərar verilmişdi. İndi isə həmin vaxtlardan çox illər keçmiş, tərk edilmiş evlərin çoxu uçmuş, səliqəli yolları ot basmışdı.
Eçso uzunsov məbədin geniş meydanına çatdı ətrafını diqqətlə nəzərdən keçirdi. Meydanın düz mərkəzində yüksələn gənc qadın heykəli qollarını önə doğru uzatmışdı. Gənc nakrin məhz bu heykələ diqqət yetirməli olduğuna əmin idi. Çünki hələ də səni gözləyir cümləsi tarix kitablarında Raxhanın heykəli ilə bağlı işlədilmişdi. Yaxınlaşıb çox da hündür olmayan heykəlin qarşısında dayandı. İlk baxışda işarəni görə bilməzdi. Odur ki, heykəlin ətrafına fırlanmağa başladı və onu tapdı. Lakin hesaba almadığı bir şeylə qarşılaşmışdı. Heykəlin ayağına çəkilmiş işarə daşla silinmişdi. Eçso içinə çökən başqa bir ümidsizlik dalğası ilə yaxınlaşıb daha yaxından baxdı. Oxumaq mümkünsüz idi. Bunu edən kimdirsə işarənin tam silindiyindən əmin olana kimi daşla qazımışdı.
“Bu da son,” deyə öz-özünə kefsizcə pıçıldadı.
Bunu kimin etdiyini təxmin etsə də bir mənası yox idi. Yorğun ayaqları artıq ümidsiz bədənini saxlamaqdan imtina edirdi. Yavaş-yavaş əyilib yerdə oturdu. Guruldayan göy üzü yenə ağlamağa başlamışdı. Arabir çılpaq bədəninə düşən soyuq yağış damcıları Eçsonun inadla gözlərini yuman yuxusunun qarşısını çətinliklə alırdı. Öz-özünə bu günün həyatındakı ən pis gün olduğunu düşündü, ya da ən bəxtsiz gün, ya da ən yorğun…
Bu düşüncələrlə mürgüləyən Eçso, daha bir şiddətli gurultu ilə dik atıldı. Elə bu vaxt gözləri yerdəki bir neçə ayaq izinə sataşdı. İzlərin üçü bundan əvvəlki yağışdan əvvələ aid olduğu üçün çətinliklə seçilirdi, lakin dördüncü iz hələ təzə idi. Gənc nakrin qalxıb ayaq izlərini təqib etdi. İzlər şərqdən burulan yolla məbədin arxasına, oradan da şəhəri yaran çayın yaxınlığına qədər uzanırdı. Ayaq izlərini təqib edərkən Eçso, sürətlə yeriməyə, sonra isə qaçmağa başlamışdı. Əgər yağış daha da güclənsə son ümidi olan ayaq izləri də silinə bilərdi.
Daş körpüyə yaxınlaşıb dayandı. Yeri döyən damcıların səsi artıq qulaq batırırdı. Eçso təqib etdiyi izləri hələ körpüyə çatmazdan xeyli əvvəl itirsə də üzü gülümsəyirdi. Çünki tapdığı son heroqliflər silinməmişdi. Yəqin dördüncü iştirakçı Eçsonun bu qədər yolu qət etməyəcəyini düşünmüşdü. Ona görə də altıncı işarədən sonra işarələri pozmamış sadəcə onları uşaq kimi gizlətməyə cəhd etmişdi. Son dörd tapmacaya isə ümumiyyətlə əl vurmamışdı.
Onun bu hərəkəti Eçsonun daha çox xeyrinə olmuşdu. Çünki özbaşına axtarsa bəlkə də vaxtında çatdıra bilməzdi. İndi isə onu silahından yalnız sonuncu tapmaca ayırırdı. Üzərində işıq əks olunan suyu izlə, ora səni vidralar aparacaq. Bu daha asan idi.
Eçso birinci onu işığa aparacaq vidranı, sonra isə silaha aparan işıqlı yolu izləməli idi. Keçdiyi təlim ona silahının yeraltı kanalizasiya sistemində gizlədildiyini deyirdi.
İçəri qısa yol axtaran gənc nakrin, körpünün sağındakı pilləkənlə aşağı endi. Selin gətirdiyi iri gövdəli odunlar və ağaclar girişi bağlamışdı. İçəri girmək heç cür mümkün deyildi. Sirenat şəhərinin kanalizasiya sistemi müasir üsulla düzəldilmişdi. Şəhəri yaran çaydan bir neçə süni kanal ayıraraq onları mərkəzi yolların altı ilə keçirmiş və bir növ şəhər altında kanal şəbəkəsi yaradılmışdır. Daimi axan su, şəhərdə yığılan hər cür zibili və qalıqları yerin altı ilə daşıyaraq şəhərin digər tərəfindən çıxan çaya tökürdü. Bu sistem nə qədər gözəl görünsə də öz növbəsində onun da qüsurları vardı. Hər il baş verən daşqınların qarşısını almaq hərdən çox çətin olurdu. Onun gətirdiyi zibilləri təmizləmək isə bəzən böyük bir məsələyə çevrilirdi.
Eçso ağır kötüklərə bir müddət baxıb körpüyə qayıtdı. Bu maneə təlimçilər tərəfindən xüsusi hazırlanmışdı. Çox güman ki məqsəd tapşırığı bir az çətinləşdirmək və hədəfə qısa yoldan getməyə çalışan gənc nakrinlərə mane olmaq idi. Bu Eçsonu təəccübləndirmədi. Əvvəlki sınaqlarda da buna bənzər şeylərlə bir neçə dəfə qarşılaşmışdı.
Eçso təlimata uyğun hərəkət edərək vidra izləri axtarmağa başladı. Çox ehtimal ki, vidraları qorxutmaq üçün həmin girişdə yağ məşəli də yanırdı. Hazırda çətin ki vidralar həmin girişə yaxın gedə bilsinlər, amma vidra izləri onu girişə apara bilərdi.
Qalırdı bu qaranlıqda, iz axtarmaq. Şəhərə yeganə işıq verən hərdən gurultu ilə parıldayan ildırımlar idi ki, bu da nəinki vidra izləri, hətta geniş küçələrdə yol tapmağa çətinliklə kifayət edirdi. Nə bir məşəli vardı, nə də onu yandıracaq alovu.
“Alov!” deyə Eçso qəfildən dayandı. “Niyə də yox?” hər tərəfə baxaraq onu görən kiminsə olub-olmadığına əmin olmaq istədi. “Bəlkə alov daha çox diqqət çəkər, amma zəif bir işıq kürəciyi heç kəsə zərər verməz. Həm də bu yağışda alovu qorumaq problemi yaşamaram,” deyə düşündü.
“Bunu etmək qadağandır.” Sınaq başlamazdan əvvəl ona bu cür deyilmişdi.
Oringen sınağı ekroların yox insanların keçməli olduğu sınaqdır. Eçso insan olsa da sehrli qüvvələrə sahib idi və bu anormal hal təlimçiləri çıxılmaz vəziyyətə salmışdı. Hətta bir müddət onun Marsahin (zəif dərəcəli ekro və ya yarımqanlar üçün) sınağından keçməli olduğunu bildirmişdilər. Nəticədə nakra lideri Elion işə qarışıb Eçsonu Oringen sınağında görmək istədiyini bildirmişdi. Lakin bir şərtlə, sınaq boyu Eçso sehrlə hətta bir saman çöpünü belə yandıra bilməzdi. Əks təqdirdə sınağın nəticəsi uğursuz sayılacaq.
Eçso indiyə qədər bütün sınaqları insan kimi, sehrsiz keçmişdi. Lakin indi…
“Başqa çarəm yoxdu,” pıçıldadı öz-özünə və qısa sehrli kəlməni söylədi.
Ölçüsü fındıqdan bir az böyük olan və möhtəşəm ağ parıltısı ilə göz qamaşdıran işıq kürəciyi Eçsonun ovcunda yavaş-yavaş yarandı. Daha geniş ərazi görmək üçün kürəciyi adətən baş üzərində saxlamaq lazım gəlsə də Eçso onu ovcunda saxlamışdı. Beləliklə həm vidraların diqqətini daha az çəkəcək, həm də sehri asanlıqla gizlədə bilərdi.
Yağışın şiddəti artdıqca qulaq batıran şırıltı qaranlığı daha qorxuducu edirdi. Eçso barmaqlarını birləşdirib işığı düz qarşısına yönəltdi. İndi yeddi-səkkiz addımlıq məsafəni asanlıqla görürdü. İşıq, yağışın şiddətini daha yaxşı göstərirdi. İri yağış damcıları göydə qısa, düz xətlər çəkərək yerə çırpılırdılar. Bir müddət sonra külək də bərbad havaya qoşuldu.
Uzaqda bir yerdən hərəkət edən ağ parıltını görmək çətin deyildi. Gənc nakrin hələ də bir iz tapmaq ümidi ilə küçələrdə gəzirdi. Parıldayan daş döşəmələr, çürümüş taxta evlər və arxasında nəyin gizləndiyi məlum olmayan qorxulu kollar.
Daş evlərdən birində bir neçə caynaq izi görən Eçso, işığı yolun hər iki tərəfinə çevirərək növbəti addımı haqda düşündü. Daş döşəmənin olmadığı bəzi yerlərdə az də olsa vidra izləri görmək mümkün olurdu. İzləri təqib edərək gənc nakrin yolunu dəyişib küləyin əksi istiqamətində getməyə başladı. Şiddətlə üzünə çırpılan yağış damcıları az qala gözlərini çıxarırdı. Çılpaq bədəni və barmaqları soyuqdan buz kəsmişdi. Bir neçə addım qarşıda parıldayan ağ cisim görüb gözlərini qıyaraq yaxınlaşdı. Bu, yenicə gəmirilmiş hansısa heyvanın bud sümüyü idi. Bir az diqqətlə baxdıqda vidranın bu sümüyü bir neçə gün özü ilə gəzdirdiyini anlamaq çətin deyildi.
Eçso müxtəlif istiqamətlərə gedən üç yolun kəsişdiyi yerdə dayanıb hər üçünə işıq tutdu. İzlərin böyük qismi sol tərəfə yönəlmişdi, lakin bu yol çox uzun və getdikcə daha çox küçələrə bölünürdü. İzləri itirməklə yanaşı özü də itə bilərdi. Sağ tərəfdəki yol isə…
Yaxınlıqdan şıqqıltı səsi gəldi. Eçso cəld çevrilib səsin gəldiyi istiqamətə işıq saldı. Səsi, yağışın ahəngli şırıltısına baxmayaraq eşitmişdi. Bir müddət işığı həmin istiqamətdə tutub saxladı. Hərəkət yox idi. Uçmuş taxta evlərin odunları bir-birinə qarışmışdı. Odunları bürüyən qalın sarmaşıqlar və kollar isə orada olanları daha da görünməz edirdi. Eçso sağ tərəfə dönüb qısa və ensiz yolu seçdi. Bir az gedib sağa, sonra sola döndü. Hündür daş evin qabağında dayanıb son dəfə arxaya baxdı və birdən zil qaranlıq çökdü.
İldırım işığı yenidən küçəni bir anlıq işıqlandırdı, lakin Eçso orada deyildi. Bir neçə döyüntü əvvəl gənc nakrinin olduğu yer boş və səssiz idi. Yalnız yağışın xışıltılı səsi və göy gurultusu eşidilirdi.
Şappıldayaraq yaxınlaşan addım səsləri gəlməyə başladı. Səslər yaxınlaşdıqca səngidi və dayandı. Addım səslərini havanı iyləyən dərin bir fısıltı səsi əvəz etdi. Sonra yenə addımladı. Ani ildırım parıltısında vidra göründü. Ac vidra təqib etdiyi ovunun iyini yenidən tapmağa çalışsa da yağış ovunun qoxusunu çoxdan itirmişdi. Eçsonun son dəfə dayandığı evin qarşısında durub havanı iyləyən vidra, tənbəl addımlarla düz gedərək qaranlıqda gözdən itdi.
Evin üstündə bəzi tərpənişlər və sürtünmə səsləri gəldi. Sonra yerə ağır bir şey düşdü. Yenidən həmin parlaq işıq kürəciyi meydana gələndə ilk Eçsonun gərgin sifəti göründü. Gənc nakrin təhlükəni vaxtında görüb daş evə dırmanmışdı. Artıq işıqdan daha da ehtiyatlı istifadə etməli idi. Vidra hücumlarının ən pik nöqtəyə qalxdığı bu saatlar ən təhlükəli anlar idi. Hər an pusquda yatmış bir vidraya yem ola bilərdi. Və bu dəfə qaranlıq gizlənmək üçün kifayət etməyə bilərdi. Çünki vidralar qaranlıqda günəşli havada olduğundan daha yaxşı görürlər. Eçsonun bədən qoxusunu və istiliyini gizləyən yağışın yağmağı gənc nakrinin hələlik ən böyük üstünlüyü idi.
Gəldiyi yolla geri qayıdan Eçso, bir neçə küçə uzaqlıqdan gələn səslərə qulaq verdi. Səslər heç şübhəsiz boğuşan iki vidradan gəlirdi. Ara küçələrlə yaxınlaşaraq işıq kürəciyini söndürdü və ehtiyatla evlərdən birinin arxasında gizləndi. Gözləri qaranlığa hələ öyrəşmədiyi üçün demək olar ki, heç nə görmürdü, yenə də səsin gəldiyi yerə işıq tuta bilməzdi. Ehmalca başını çıxarıb səsin gəldiyi boş qaranlığa baxdı. Ara-bir parıldayan selikli vidra bədəni və ağaran dişləri xaricində heç nə görmürdü.
Vidralar şiddətlə boğuşur, keçən hər dəqiqə daha qudurğan səslər çıxarırdılar. Eçso gözünü çəkib geri söykəndi. Çox yaxınlaşdığını hiss edirdi. Heç şübhə yoxdur ki, burdakı vidralar kanalizasiya sistemində yaşayırdılar və ora gedən yolu ən yaxşı onlar bilirdi. Silahlarını tapmaq üçün yuvasına gedən bir vidranı təqib etmək kifayət idi. Boğuşma səsləri vidralardan birinin şiddətlə zingildəməyindən sonra azaldı. Eçso evin arxasından ehtiyatla başını çıxararaq yenidən baxdı. Nisbətən daha yaxşı görürdü. Vidralardan biri yerə çöküb sanki mərhəmət diləyirdi, qalib gələn məxluq isə yuxarıdan aşağı təhdidlə mırıldayırdı.
Ani olaraq ürpərmə hiss edən Eçso, yerində quruyub qaldı. Qulağına mırıltı səsi gəlmişdi. Hətta sanki bu səs lap qulağının dibində idi. Başını tələsmədən, ehtiyatla çevirdi. Düz qarşısında gənc və güclü bir vidra mırıldayaraq ona baxırdı. Zəif işıqda vidranın böyük qara gözləri parıldayırdı. Sürüşkən bədəni və selikli ağzı qorxunc görünürdü. Uzun barmaqlı ön pəncələri ilə yeri cırmaqlayaraq ağzını açıb dişlərini göstərdi. Eçso, vidranın tərəddüd içində olduğunu bilirdi. Çünki bu ərazidəki bir çox vidra heç vaxt insanla qarşılaşmayıb və bu ikiayaqlı qəribə canlının güclü bir düşmən yoxsa ov olduğuna qərar vermək bir az vaxt alırdı. Odur ki, sürətli və düzgün həmlə etməli idi.
Eçso bir göz qırpımında işıq kürəsini yandırıb vidranın gözünə tutdu və cəld kənara sıçradı. Qarşılığında vidra ona doğru atılsa da daş divara çırpılmışdı. Vidranın gözlərinin müvəqqəti kor olmağından yararlanan gənc nakrin digər vidralar gəlməmiş özünü evin arasına atdı. Bir nəfərlik dar keçid getdikcə daralır, ancaq bitmirdi. Eçso artıq yan üstə yavaş-yavaş yeriyirdi. Qısa müddət sonra kor vidra da özünü araya atdı. Lakin bir neçə addım atmamış iri gövdəsi ona mane olmağa başladı və məxluq geri addımlayaraq çıxdı. Eçso dayanıb geriyə baxanda vidranın həvəsli hərəkətlərini və peşmançılıq zingiltisini görüb daha da təlaşlanırdı. Təcrübəli ustadları bunun nə ilə nəticələndiyini ona yaxşı öyrətmişdi. Vidra səbrsizcə daha bir neçə dəfə yerində atılıb-düşdü və ulamağa başladı. Ulama səsi yağışın xışıltısına baxmayaraq şəhərin boş küçələrində əks olundu.
Eçso daha çox tələsərək bədənini cızan daşlara məhəl qoymadan dar aralıqdan çıxıb palçığa yıxıldı. Hələ ki, bir hərəkət görünmürdü. İşıq kürəciyini yenidən yandırıb cəld ayağa qalxaraq gedə biləcəyi yollara bax…
Durduğu yolun hər iki ucunda bir neçə vidra görüb cəld gizləndi. Yağışın səsi yaxınlaşan təhlükəni eşitməyinə mane olsa da bu həm də vidralara aid idi. Məxluqlar ərazilərində gəzişən axşam yeməyindən xəbərdar olsalar da nə onun qoxusunu ala bilirdilər nə də səsini duyurdular. Odur ki gənc nakrin cəld, amma ehtiyatlı hərəkət etməli olduğunu bilirdi.
Hər küçəyə girdikcə öncədən onun boş olduğuna əmin olur, sonra ehtiyatlı addımlarla, divara söykənərək hərəkət edirdi. Getdikcə qaranlığa daha çox öyrəşən gözləri, daha çox detalı seçirdi. Artıq ayağının nəyəsə ilişib yıxılacağından qorxmurdu.
“Hardadı bu zibil?!” deyə Eçso alçaq bir ağaca söykənib azalan qorxu ilə çoxalan yuxuya mane olmağa çalışırdı. Bir neçə dəfə üzünü ovxalayıb sulu başını silkələdi. “Fikirləş, fikirləş…”
İndiyə kimi ağlına gələn ən yaxşı yol hündür bir evə çıxıb yolunu tapmaq olsa da üstünü yosun basmış binalara bu cür yağışda çıxmaq çox təhlükəli idi.
“Fikirləş,” pıçıldadı başını söykəndiyi ağaca vuraraq. “Şəhər girişindən başlayaraq işarələr aralarında yüz-iki yüz addım məsafə ilə səpələnib.” Beynində şəhərin təqribi xəritəsini və hərəkət trayektoriyasını cızıb işarələrin onu hansı istiqamətə apardığını təyin etdi. “Sonuncu işarə körpü yaxınında…” barmağını, havada cızdığı xəyali xəritədə gəzdirib “sonra yüz addım bura və bura. Çayın da bu istiqamətdə axdığını nəzərə alsaq… Zibil! Geri qayıtmaq lazımdı. Məni ən çox axtardıqları… dayan görüm.”
Növbəti ildırım parıltısında gözünə dəyən bir şey ağlına yeni fikir gətirmişdi. Daş yığınının üzərində, üstünü qurumuş sarmaşıqlar basmış insan böyüklüyündə bürünc zəngə baxıb gülümsədi.
Bir müddət sonra zəngə dəyən daş bütün şəhərə səs salmışdı. Şəhərin hər tərəfindən gələn addım səsləri, ora çatan zaman iyirmiyə yaxın vidra zəng ətrafında toplanıb bir-biriləri ilə tutaşmağa başladılar.
Gizləndiyi yerdən çıxan Eçso, arxasına baxmadan təyin etdiyi yerə qaçaraq işıq kürəsini yandırıb bu dəfə başı üzərinə qaldırdı. Haqlı idi. Qısa müddətdə sarımtıl işıq görməyə başlamışdı. Üzünə yayılmış təbəssümlə özünü işığa çatdırıb girişdə iki yağ məşəlinin yandığı dəmir barmaqlığı cığıltılı səslə aralayaraq içəri girib aşağı düşdü.
Artıq işıq kürəsinə ehtiyac yox idi. Kanalizasiyanın divarlarına yerləşdirilmiş məşəl formasındakı yağ lampaları içərini yaxşı işıqlandırırdı. Tavan olduqca hündür, suyun səviyyəsi isə normadan bir az yuxarı idi. Divarlar səliqəli daşlarla hörülmüşdü və su xüsusi kanal vasitəsilə axırdı. Eçso daha da diqqətlə baxdıqda tunellərin yuxarıdakı küçələrlə paralel salındığını gördü. Elə bil yeraltı şəhərə düşmüşdü. Eçsonun diqqət yetirdiyi daha bir lazımlı detal da vardı. Yanan məşəllər bütün tunellərə qoyulmamışdı. Bu mərhələyə çatmış nakrin üçün, ona düzgün yolu göstərmək məqsədi ilə yalnız girməli olduğu tunellərdə işıq vardı.
“Bu da işıqlı yolumuz,” deyib məşəllərdən birini götürərək yolu təqib etdi.
Hər istiqamətdən gələn vidra sədalarını demək olar ki, hər dəqiqə eşitmək olurdu. Damcılayan su səsləri və hətta tavandan aşağı süzülən kiçik şəlalələrin səsləri qəribə bir ahənglə əks olunurdu. Eçso tunel boyu yeridikcə təhlükənin geridə qaldığına əmin idi. Vidraların məskəni olmağına baxmayaraq qarşısına bir dənə də olsun vidra çıxmamağının səbəbi vardı. Gecələr vidra gözləri mükəmməl dəqiqliklə gördüyü üçün işığa qarşı çox həssas olurdular. Sahib olduqları şəffaf göz qapaqları isə onları bu narahat işıq mənbəyindən heç cür qoruya bilmirdi. Bəzən adi bir məşəl alovu vidraya qarşı güclü silah ola bilər. Bu Sağ qalmaq adlı nakra dərsliyinin ilk öyrətdiyi cümləsi idi.
Qısa vaxt sonra Eçso, tunelin genişlənərək böyük bir dairə forması aldığı yerə çatdı. Burdan müxtəlif istiqamətlərə gedən on üç tunel vardı və tunellərdən yalnız altısı işıqlandırılmışdı. Eçso bu tunellərin girişinə bir-bir yaxınlaşaraq diqqətlə baxdı. Hər birinin girişində özünəməxsus işarə vardı.
Oringen sınağının iştirakçılarının hər birinə xüsusi işarə verilir. Hansı ki, bu işarələr onlara aid olan tapşırıqları tapmaqlarına kömək edir.
Eçso öz işarəsi çəkilmiş girişdə dəmir barmaqlıqları olan qapıya yaxınlaşdı. Qapı kilidli idi. Digər tapşırıqlarda tapdığı və hələ istifadə etmədiyi açarı çıxarıb kilidə keçirdi və çevirdi. Düzgün yolda idi. Kilid tıqqıltı ilə açıldı və qapı aralandı. Oxşar tunellər şəbəkəsi burda da vardı, lakin işıq onu ilk olaraq bir otağa apardı. İçəridə yandırılmaq üçün quru odun, quru yataq və böyük bir sandıq vardı. Eçso sandığı görən kimi on doqquzuncu sınağın sonuna çatdığını anladı. Burda ona lazım olan hər şey vardı. Zireh, silahlar, quru paltar, iksir və yemək.
2. Qaydaları poz və yaşa
Qaçış planları qururam
Tora düşmüş ağ kəpənək
Caynaq altda bala dovşan
Eçso ala-çiy bişirdiyi yeməyini tələsik yeyib bitirdi və çarpayıdan qalxdı. İslanmış paltarını dəyişib, quru paltar və boğazlı nakra ayaqqabısını geyinmişdi. Qarnı doysa da dəhşətli yorğunluq hələ də qalırdı. Hətta nakra zirehini geyinməmək üçün öz-özünə müxtəlif bəhanələr uydurmağa başlamışdı. Ocağın istisi və əla hazırlanmış çarpayı onu şiddətlə cəlb edirdi. Hətta bir anlıq, qısa müddətlik də olsa, dincini almağı düşünüb tez fikrindən daşınmışdı. Öz xasiyyətinə bələd idi. Bu yorğunluqla yatsa iki günə ancaq oyanardı.
Əslində bu otağın məqsədi, son mərhələyə çatmış döyüşçülərin sınağa girməzdən əvvəl tamamilə istirahət etməyinə və yaraları varsa onları sarıyıb hazırlanmağa şərait yaratmaqdır. Lakin Eçsonun buna vaxtı qalmamışdı. On beşinci gün doğan zaman bütün tapşırıqlar yerinə yetirilmiş qaydada şəhər yaxınlığındakı təyin olunmuş bitiş nöqtəsində olmalı idi. Dəqiq bildiyi şeylərdən biri isə, gecə yarısını çoxdan keçdiyi və bir neçə saata yeni günün başlayacağı idi.
“Az qaldı, az qaldı,” deyə özünə təsəlli verərək dərin bir nəfəs dərdi və əyilib nakra zirehini geyinməyə başladı.
Dəri şalvar, bəzi yerləri dəmirlə örtülü üç qat dəri zireh, tikanlı dəmir biləklik (sol biləklik daha geniş) və dəmir hissələrlə möhkəmlənmiş dəri əlcəklər. Geyindikcə də yeni emal olunmuş dərinin əvəzolunmaz qoxusunu içinə çəkirdi. Bütün hissələri bərkidib silahlara keçən zaman əlinə ilk aldığı İynə adlı nakra xəncəri olmuşdu. Tiyəsi iki qarış olan xəncər, iki tərəfi kəsərli incə, düz gövdəsi ilə nəhəng iynəni xatırladırdı. Bu xəncərin ən gözəl özəlliyi orta ölçülü bir vidranın istənilən daxili orqanına həm ön, həm də, arxa tərəfdən asanlıqla çata bilməyi idi. Hətta usta bir döyüşçü tək İynə ilə dörd-beş vidraya qarşı sağ qala bilərdi. Eçso bir ədəd İynə və bir ədəd bıçağa bənzəyən adi xəncəri sol ayağındakı qapalı xəncər qınına keçirdi.
Sonuncu silahı, qınından iki cüt kəmər sallanan nakra qılıncı idi. Bir cüt kəmər sağ çiyin və sol böyüründən keçib sinəsində bağlanır, ikinci cüt isə qurşağından bağlanaraq qını kürəkdə sabit saxlayırdı. Qının ağız hissəsindəki, bir qarış uzunluğunda incə yarıq, qılıncı kürəkdən çıxarıb-salmağı rahatlaşdırırdı.
"Bax belə."
Zirehinin son kəmərini sıxıb gümüşü rəngdə qılıncını bir neçə dəfə kürəyindəki qına salıb-çıxarmışdı. Tiyəsinin ölçüsü tam açılmış qol uzunluğuna çatan tək əlli, cüt ağızlı qılınc, sırf Moxs üslubu ilə döyüş üçün hazırlanmışdı. Silah, qəbzəyə yaxın hissəsi nisbətən enli, uca yaxınlaşdıqca isə sürətlə incələrək böyük bir xəncəri xatırladırdı. Hətta qəbzəsində çarpaz bilək qoryucusunun olmamağı onu göstərirdi ki, silah, əsasən qılınc döyüşü üçün yox, vidralarla mübarizə üçün hazırlanmışdı.
Son olaraq iki kiçik, iki orta ölçülü çantanı kəmərinə bərkidib lazım olanları götürdüyünü yoxladı. Küt xəncərə bənzər alət, sarğı, yara üçün məlhəm və iki şüşə iksir. İndiyə kimi onu ayaq üstə saxlayan sarı rəngli, dözümlülük artıran bu iksirlərdən Eçso sınaq boyu dəfələrlə içmişdi. Ancaq Eçso bilirdi ki, həddi aşsa zəhərlənə və ya yorğunluqdan huşunu itirə bilərdi və o, bu həddə çox yaxın olduğunu hiss edirdi. Daha bir iksirin qarşılığı həyatı ola bilərdi. Yemək torbasından bir dənə alma götürüb otaqdan çıxdı.
Yeyilmiş almanın qalığını axan suya atan zaman ağzı tərpənsə də fikri kanalizasiya tavanında səliqə ilə açılmış dəliyə qalxan nərdivana və çıxışdan görünən yeganə şey olan qara buludlu qaranlıq səmada idi. Getməli olduğu yerin ora olduğunu bilsə də tərəddüd edirdi. Sonuncu sınaqda dəyərli bir girovu vidralardan xilas etməli olduğunu oxumuşdu, ancaq bu girovun nə olduğunu bilmirdi.
Əlləri ilə dırmaşıb başını dəlikdən çıxardı. Yağış təzəcə kəsmiş, heç ildırım da çaxmırdı. Havada çox zəif də olsa tünd maviyə çalan işartı vardı. Eçso hələ şəhərin içində olduğunu bilsə də məhz harasında olduğunu təxmin edə bilmirdi. Gözlərinin qaranlığa öyrəşməyi üçün bir az da gözlədi. Bura ona heç nəyi xatırlatmırdı. Yer dəniz qumundan olduğu üçün az ot vardı. Oval formada olan meydanın kənarlarında qəribə sütunlar və iki-üç addım hündürlüyündə bir neçə heykəl görmək olurdu. Sonra getdikcə yuxarı doğru qalxan bir neçə sıra daş oturacaqlar və böyük bir tikili, yarımdairə formasında, meydanın yarısına yaxınını əhatələyirdi. Digər tərəfdə isə hündür divar yüksəlirdi. Bura böyük idman arenası idi. Müxtəlif növ idman oyunlarının keçirildiyi meydan.
Eçso olduğu yerin tamam qapalı olduğunu görüb bir az təlaşa düşsə də, silahını xatırlayıb sakitləşmişdi. Dəqiq görüş məsafəsi on beş-iyirmi addımdan çox deyildi. Bu məsafədən sonra hər şey qaraltı kimi görünürdü. Nə cür bir təhlükə ilə qarşı-qarşıya olduğunu bilmədiyi üçün işıq kürəsindən istifadə etmirdi. Ümumiyyətlə artıq sehrdən istifadə etmək istəmirdi. Onu istənilən yerdən izləyə bilərdilər. Çatdığı son mərhələdə bu ehtimal lap çoxalmışdı.
Boş meydanın ortasındakı yeganə qaraltıya doğru yaxınlaşarkən həyacanlanmağa başladığını hiss etdi. Ürəyi sürətlə döyünürdü. Qaraltı, bir insanın içinə rahat yerləşə biləcəyi, dəmir barmaqlıqlı qəfəs idi. Lakin qəfəsin içində insan görünmürdü, bunun yerinə balaca bir sandıq vardı. Eçso qəfəsə yaxınlaşıb çantasındakı son gərəkli cismi çıxardı və…
Uyğun gəlmirdi. Qəfəsin nə bir kilidi vardı, nə də xəncərə bənzər alətin gərəkli olduğu bir möhürü. Qəfəsin qapısı onsuz da açıq idi. Eçso qəfəsin cırıldayan qapısını açıb dayandı. İti qulaqları gecənin səssizliyində öncə bir neçə tıqqıltı, sonra isə xırıltı səsləri eşitməyə başlamışdı. Eçso qapını cırıltı ilə yenidən örtərək səsin gəldiyi istiqamətə, uzun tikilinin olduğu qaranlığa baxdı. Səslər yaxınlaşmaqla bərabər getdikcə çoxalırdı. Bir müddət sonra gecənin qaranlığında parıldayan üç cüt göz gördü. Vidralardan biri sürətlə yaxınlaşaraq yerə atıldı. Digər ikisi o qədər tələsmirdilər, yavaş-yavaş aşağı enib, ehtiyatlı addımlarla arenaya ayaq basdılar.
Eçso, qəfəs ona maneə törətməsin deyə kənara çəkilərək vidraların hərəkətlərini izlədi. Vəhşi məxluqlar indidən klassik vidra hücumu təşkil etməyə başlamışdılar. Sağ və sol cinahlara ayrılan iki vidra ortadan yaxınlaşan üçüncü vidradan daha cılız görünürdülər. Məqsəd silahlı ovu əhatəyə almaq idi.
Eçso sakit durub istədiklərini etməklərinə imkan yaratdı. Əlini hazır saxlasa da silahını çəkməyə hələ tələsmirdi. Vidraların atdığı hər addımı, aralarındakı məsafəni, edəcəkləri həmləni və hətta aldıqları nəfəsi belə hesablayırdı. Bu vaxt ərzində başını bir dəfə də olsun çevirməmişdi. Gözləri yalnız qabağa baxırdı. Belə ki, onun görməyə də ehtiyacı yox idi. Dərin səssizlik oldu. Addım səsləri və mırıltılar bir anda kəsildi. Sonra qumu eşən pəncə səsi və sağ tərəfdən gələn ilk hərəkətlə Eçso əlini qılıncına apardı, ardınca sol tərəfdəki vidra sıçradı.
Zingilti ilə yerə düşən ilk vidranın sağ ayağı pəncədən üzülmüşdü, ikinci vidra isə çiyninə girmiş xəncəri dişləri ilə çıxarmağa çalışırdı. Ortada duran vidra, hücum etmək yerinə geri addım ataraq qudurmuş canavar mırıltısına bənzər səslər çıxarıb dişlərini göstərdi. Bu vaxt yaralanan hər iki vidra, gəldikləri istiqamətdə zingildəyərək qaçıb gözdən itdilər. Gözünü meydanda qalan son vidradan çəkməyən Eçso, bu dəfə qanlı qılıncı yuxarıda saxlamışdı.
Vidra hər an sıçramağa hazır təhdid dolu gözlərlə baxıb, xırıltılı səsini hər nəfəsində daha da artırırdı. Qürurlu duruşu ilə qulağını geri yatırıb, ayaq əzələlərini gərdi və bir anda zingildəyərək geri qaçıb daşa dəyərək yıxıldı. Sonra daha bərkdən zingildəyib qalxaraq özünü ora-bura çırpıb digər vidraların arxasınca qaranlıqda gözdən itdi.
Eçso, hələ də zingiltisi eşidilən vidranın arxasınca baxıb gülüşünə mane ola bilmədi. Heç təlim zamanı bu qədər qorxaq məxluq görməmişdi.
Hələ də gülən gözlərindəki yaşı silib “Elə bu?!” dedi öz-özünə. “Bu qədər əziyyətdən sonra üç qorxaq vidra?! Özü də son tapşırıqda.”
Hər ehtimala qarşı silahını hələ də əlində saxlayan Eçso heç bir hərəkət olmadığına əmin olub, sevincək addımlarla qəfəsə yaxınlaşdı. Artıq havanın yavaş-yavaş işıqlanmağa başladığını hiss etmək olurdu. Geniş meydanın bir tərəfini tutan tikilinin bəzi detalları indi daha yaxşı görünürdü. Eçso əyilib maraqla sandığın qapağını qaldırdı.
Vidralardan xilas etməli olduğu girov sən demə adi toyuq yumurtası imiş. Saman çöplərinin içində heç bir xüsusiyyəti olmayan adi toyuq yumurtası. Bu vəziyyət Eçsonu bir az özündən çıxarsa da başını yelləməkdən başqa heç nə etmədi. Əsas odur ki, sınağı uğurla başa vurmuşdu.
Yumurtanı kəmər çantasına yerləşdirib, çantanın ağzını bağlayarkən, qəfəsdən çıxmağa başlamışdı. Həmin an içinə soyuq bir ürpərti girdi. Səbəbi hava deyildi. Eçso əlini kəmərindən çəkib başını qaldırdı. Tikilinin qarşısında on iki vidra heykəl kimi dayanıb gözlərini ona zilləmişdi. Sonra böyük tikilinin girişlərindən daha bir neçəsi çıxaraq digərlərinə qoşuldu.
Eçso içində olduğu vəziyyətin ciddiyyətini hələ qavramamışdı. Buna yorğun beyninin səbəb olduğunu düşünürdü. Çünki artıq demək olar ki, ayaq üstə yatırdı. Hərəkətsiz qaldığı hər dəqiqə asılı olmadan yuxuya gedirdi və indi gördüklərinin yuxu, yoxsa reallıq, olduğuna qərar verə bilmirdi. Ta ki, vidralardan biri meydanda əks olunan səda ilə ulayana kimi. O an Eçsonun beynində sanki tufan qopdu. Bu səsə, yuxarıdan ona tərəf qaçan vidraların ayaq səsləri də qoşuldu və qəribə bir ahənglə məxluqların qudurmuş mırıltıları meydanı götürdü.
Vidralar ehtiyat və ya tələ barədə düşünmürdülər. Necə gəldi səpələnmişdilər və hər birinin ağlında yalnız ova digərlərindən daha tez çatmaq var idi. Hətta bunun üçün bəzən bir-birilərini dişləyir, bəzən də yıxılaraq digərlərinin ayaqları altında qalırdılar. Sürünün önündə gələn iki vidra çoxdan torpağa ayaq basmışdı və külək kimi sürətli qaçırdılar. Nəm torpağı döyən güclü pəncələri az qala yeri tərpədirdi.
Təlaş və təəccüb içində yerində donub qalan Eçso, gördüklərinə məntiqli bir izah tapmağa çalışır, amma bacarmırdı. Düşünürdü, lakin düşündükcə sanki daha dərinlərə, daha da qaranlığa enirdi. Ölümlə qarşı-qarşıya olduğu bu anda belə, taqətdən düşmüş zehni, artıq təslim olmağa başlamışdı. Sonra bir neçə döyüntülük göz qapaqları örtüldü. Elə bil bir anda minlərlə şəkil gözünün önündən keçirdi. Yuxudan ayılanda, öndə gələn iki vidranın ayaqları artıq yerdən üzülmüşdü. Həmin an Eçso vidra ilə göz-gözə gəldi. Bu gözlər fərqli idi. Vidraların gözləri tünd qara rəng yox, ağarıb gümüşü rəng almışdı.
Eçso son anda özünü kənara ataraq xilas oldu. Hücumları boşa keçən vidralardan biri şiddətlə qəfəsin dəmir barmaqlıqlarına çırpıldığı üçün başından qan axırdı. Digər vidra isə sürətini tənzimləyə bilməyib xeyli uzağa sürünmüşdü. Gənc nakrin bunu fürsət bilib kanalizasiyaya enən dəliyə doğru qaçmağa başladı. Ora çatmağa bir neçə addım qala içəridən gəlməli olan işığın söndüyünü gördü. Çatıb aşağı boylanan zaman daha bir vidra sürüsünün onu aşağıda gözlədiyinə dəhşət içində baxdı. Hər birinin göz bəbəkləri gümüş kimi boz idi və zəif işıq altında ulduz kimi parıldayırdı. Son qaçış yolu da bağlanmışdı.
Özünü Eçsoya çatdıran vidralardan biri pəncəsi ilə onun ayağından vuraraq yerə yıxdı. Qılınc gənc nakrinin əlinin çatmayacağı yerə qədər sürünmüşdü. Vidra ağzını açıb ovunun boğazından yapışırdı ki, Eçso iynəyə bənzər xəncərini düz onun qulağına soxdu. Vəhşi məxluqun heç səsi də çıxmadı. Cəld qalxıb qılıncını götürərək həmin an sıçrayan başqa bir vidranı öncə yaraladı sonra yerə düşmüş məxluqun kürəyindən bir neçə dəlik açdı. Onun bu vəhşiliyini görən digər vidralar bir az duruxmuşdular. Gümüş gözlü məxluqlar, ilk hücum edənin öləcəyini bilirmiş kimi məsafə qoruyurdu. Bu mövqe hələ ki Eçsoya sərf edirdi. Bəzən bir neçə vidra ani hücumlar üçün Eçsonun ardına keçməyə çalışsa da gənc nakrin qorxusuzca onların üzərinə qaçaraq arxasını boş saxlayırdı. Yorğun gözləri, düz on altı vidra saymışdı. Tək başına qalib gəlməyi mümkünsüz idi.
Eçso bir tərəfdən geri addımlayarkən sol əli ilə silah və zirehini yoxlayırdı. Ayağındakı iki xəncərdən biri yox idi. İlk üç vidradan birini yaralayan zaman itirmişdi onu, zirehi isə – bəzi yerləri vidra qanına bulansa da hər şey qaydasında görünürdü. Yenə sakitlik… və yuxu…
Eçso qəfil ayıldı. Nə qədər vaxt yatdığını bilmirdi, amma çox keçməmişdi. Yuxuda olduğu vaxtda sadəcə bir neçə addım yerimişdi. Artıq dözümü qalmamışdı. Ya yuxuya getdiyi vaxt vidralar onu öldürəcək, ya da zəhərlənmə riskinə girməli idi. Ehmalca çantasını açıb içəridəki sarı iksirini götürdü. Baş barmağı ilə tıxacı çıxarıb şüşəni yavaşca ağzına apardı və içdi. Başlanğıcda bir təsiri görünmürdü. Vaxt keçdikcə Eçso bədəninə gümrahlıq gəldiyini hiss etməyə başladı. Artıq qılıncın qəbzəsini daha möhkəm sıxırdı. Sonra mədəsi ağrıdı, başı gicəlləndi, ürəyi bulandı. Yeridiyi yerdə az qala yıxılmışdı. Daha bir addım atdı və büdrədi. Yerə yıxılmaqdan özünü çətinliklə saxlamışdı. Bunu fürsət bilən vidralardan ikisi əks istiqamətdən hücum etdilər. Ardınca digər vidralar da onlara qoşuldu. Eçso başqa çarəsinin qalmadığını anladı və sehrli kəlmələri söylədi. Bir anda yayılan ağ işıq gözləri kor edəcək qədər güclü idi. Bütün meydan ağ işığa bürünmüşdü.
Bir müddətlik kor olmuş vidralar ora-bura qaçır, qarşılarına nə çıxdı dişləyirdilər. Bir neçə dəqiqə içində hər tərəf vidra zingiltisi ilə dolmuşdu. Qorxuya düşən məxluqlar indi bir-biriləri ilə döyüşməyə başlamışdılar. Bu qarışıqlıqdan uzaqlaşan Eçso, tükənməkdə olan enerjisindən qənaətlə istifadə etməli olduğunu unutmamalı idi. Günəş parıltısı kimi sehrlər ifrat dərəcədə çox enerji tələb edir. Bundan başqa onun qanındakı zəhərin miqdarı da həddi aşmışdı. Getdikcə başı daha çox ağrıyır, gözləri axırdı. Elə bil yer ayaqları altından sürüşürdü. Dizləri üzərinə çöküb bir müddət gözlədi. Hələ vaxtı var idi. Vidralar yenidən görənə kimi bədəni zəhərə qarşı müqavimətini artıra bilərdi.
Hava artıq xeyli aydınlanmışdı. Qara buludları indi bir-birindən daha yaxşı seçmək olurdu. Meydanın üçdə birini tutan uzun tikilinin saysız geniş girişləri və bəzəkli sütunları indi daha yaxşı seçilirdi. Hətta daşlara oyulmuş şəkilləri və naxışları belə görmək olurdu. Yağış yenə yağmağa başladı. Əvvəlki kimi şiddətli olmasa da insanı bir neçə dəqiqə ərzində isladacaq gücdə idi.
Eçso yavaş-yavaş ayağa qalxıb su qabından bir neçə qurtum aldı. İndi özünü daha yaxşı hiss edirdi. Mədəsi əvvəlki kimi bulanmır, gözləri isə normal görürdü. Vidralardan cəmi altısı sağ qalmışdı, onlardan da ikisi ağır yaralı idi. Qalan dörd vidra, pəncələri və ağızları qan içində əsl düşmənlərinə baxırdılar. Eçso əvvəlki kimi narahat deyildi. Rəqibi üstün olsa da, bir az sehrin köməyi ilə bunun öhdəsindən gələcəyinə əmin idi. Yerə sancdığı qanlı qılıncı çıxarıb çiynində saxladı. Vidraların mırıldayaraq üzərinə gəlməyinə çox da əhəmiyyət vermirdi. Görünüşdə vidralar da hücuma meylli deyildilər. İki ağır yaralı vidra heç yerindən qalxmağa cəhd göstərmədi. Qalanı isə Eçsonun on addımlığında dayanıb onun hərəktlərini izləyirdilər. Eçso az qala onların fikirlərini oxuyurdu. Qılıncını önündə tutaraq vidralara doğru qaçmağa başladı və düşündüyü şey baş verdi. Vidralar səpələnərək hərəsi bir istiqamətə qaçıb gözdən itdilər. Hətta biri özünü kanalizasiyaya enən dəlikdən aşağı atdı.
Gənc nakrin qılıncını kürəyindəki qınına salıb yerə oturdu. Qulağına pıçıltıya bənzər səslər gəlirdi. Səslər bir-birinə qarışdığı üçün sözləri anlamaq mümkün olmasa da Eçso bu sözlərin Azar dilində olduğuna əmin idi. Buna baxmayaraq gənc nakrin sözlərin mənşəyini və ya mənasını tapmağa səy göstərmirdi. Böyük ehtimalla yorğun beyninin bir oyunu idi bu.
Yağış nisbətən zəiflədi. Yerə tökülən yağış suyunun niyə gölməçələr yaratmadığını düşünən Eçso, yerdəki uzun çatları gördü. Bu çatların bəziləri o qədər enli idi ki, meydanın altındakı qaranlığı çətinlik çəkmədən seçə bilirdi.
Hava yaxşıca işıqlanmağa başlayanda Eçso ayağa qalxdı və çıxışı axtarmağa başladı. Gəldiyi yerdən qayıda bilməzdi. Bir az diqqətlə baxdıqda şəhərin çıxışına yaxın olduğu görünürdü. Köhnə tikiliyə baxdı. Yəqin ki, insanlar meydana buradan daxil olurdular, deyə düşünüb daş pilləkənlərlə çıxdı. Hələ ki, tək idi, amma pıçıltılar yenə eşidilirdi. Tikiliyə girib hər tərəfə baxdıqdan sonra paslanmış dəmir barmaqlıqlı qapıdan keçdi. Sonra növbəti otağın qapısından və bu bir neçə dəfə təkrarlandı.
Tikilinin içi çox sadə üslubda hazırlanmışdı. Tavanı saxlayan sütunlarla dolu uzun və geniş otaqlar bir-birinə qapılarla birləşmişdi. Meydana baxan tərəfi tamam açıq olan bu otaqlar ehtimal ki, keçmişdə yağışlı havadan qorunmaq üçün tikilmişdi. Qapıların hamısı paslansa da açmaq çox da çətin deyildi. Tərk edilmiş də olsa nakra cəmiyyəti təlim və sınaqlar üçün bu şəhərdən istifadə edirdilər, ona görə də bəzi yerlərdə hətta təmir işlərini belə görmək olurdu.
Eçso qaranlıq otaqları bir-bir keçdikcə pıçıltı səsləri çoxaldı və getdikcə daha aydın eşidildi. Hətta bəzən yaxında, qaç, tələs kimi çox işlənən sözləri seçə bilirdi. Bir müddət sonra qarışıq pıçıltı səslərinə gurultu səsi də qoşuldu. Elə bil dəmir qapıya böyük qaya parçası çırpdılar. Eçso dayandı…
Daha bir gurultu. Səs bir neçə otaq qarşıdan gəlirdi. Vaxt itirmədən ora qaçan Eçso, gurultunun şiddətinin artdığını görüb sonuncu otaqda sürətini azaltdı. Enli dəmir qapının önündə dayanıb bir müddət hərəkətsiz qaldı. Dəmir qapı heç şübhəsiz təlimçilər tərəfindən xüsusi olaraq düzəldilmişdi. Qapının zirehi xatırladan hissələri qalın və dözümlü görünürdü. Daha bir şiddətli gurultu. Qapının səthində artıq əyilmələr görünür, qapı, az qala bərkidildiyi yerdən çıxırdı. Eçso ehtiyatla qapıya yaxınlaşdı. Pıçıltı səsi onun zənn etdiyi kimi yorğun beyninin məhsulu deyilmiş. Səslər içəridən gəlirdi.
Gənc nakrin qapıya daha da yaxınlaşdı və səslər dayandı.
Eçso qapıya toxunacaq qədər yaxınlaşıb dinlədi. Ola bilsin xilas etməli olduğu girovlar bu qapının arxasında idi. Dəmir qapını diqqətlə nəzərdən keçirib düz ortasında dəliyə bənzər bir oyuq gördü. Əlində qalan son əşya xəncər yox açar imiş. Xəncərə bənzər açarı dəliyə salıb gözlədi. İçəridən insan səsi gəlirdi, amma içində qəribə bir qorxu hissi vardı. Buna baxmayaraq açarı çevirmək üçün əlini atdı. Elə bu an arxa tərəfdən qapıya daha bir güclü zərbə dəydi. Qorxuyla geri atılan Eçso, qılıncını çəkdi. Zərbələr artıq aramsız baş verirdi. Fasiləsiz döyülən qapı şiddətlə silkələnməyə başlamışdı.
Nə edəcəyini bilməyən gənc nakrin, hirsindən qudurmuş vidra səslərini eşitməyə başlayanda dəmir qapının çox ömrü qalmamışdı. Odur ki, arxasına belə baxmadan oradan çıxdı və tikilinin içi ilə qaçmağa başladı. Heç bir otaq keçməmişdi ki, arxadan gurultulu bir səs gəldi və dəmir qapı dibindən qopub düşdü. Eçso çönüb geriyə baxanda ağ gözlü vidraların arxasınca necə gəldiyini gördü. Selikli boz bədənləri qaynaşan soğulcanlar kimi bir-birinə qarışmışdı.
Eçso son keçdiyi qapını örtüb kilidi çəkdi, sonra növbəti otağın eyni ilə qapısını kilidlədi və gözlədi. Onları bu cür saxlamağın mümkün olmadığını bilirdi, bu ona sadəcə vaxt qazandıra bilərdi. Birinci qapının paslı barmaqlıqları vidraların ağır zərbələrinə çox dözmədi. Onlar ikinciyə çatanda Eçso çoxdan növbəti otağa keçmişdi, ancaq daha beş otaqdan sonra meydandan başqa qaçacağı yer qalmırdı. Vidralar ikinci qapını da qırdılar. İtələşərək qaçan vidralar, otağın tavanını saxlayan sütunu aşırdı və tavan çökərkən vidraların bir qismi daşların altında qaldı. Ani baş verən bu gözlənilməz hadisə, gənc nakrinin ağlına bir fikir gətirmişdi. Vidralar hadisənin təsirindən ayılıb özlərini üçüncü qapıya çırpmağa başlayanda, Eçso növbəti otağın sütunlarının dözümlülüyünü yoxlayırdı. Çoxu birtəhər ayaq üstə dururdu. Uçurmağı bacarardı, amma əsas o idi ki, özü uçqunların altında qalmasın.
Qılıncını qınına salan gənc nakrin bu dəfə qapını bağlamadı. Otağın düz girişində durub gözlədi. Olduğu otaqla birlikdə yalnız üç dənə otaq qalmışdı. Sahib olduğu həyat enerjisi az olsa da iki-üç zərbə dalğasına kifayət edirdi. Riskli, amma təsirli plan qurmuşdu.
Qapı kiliddən qırılaraq açıldı. Vidraların çıxmağı ilə qaçmağa başlayan Eçso, ilk sütunu sehr dalğası ilə aşırdı. Elə həmin an çökən tavan bir neçə vidranı yerindəcə öldürmüşdü. Yenə də, sağ qalanlar Eçsonu hələ də təqib edirdilər. Eçso arxasınca gələn vidralardan daha da uzaqlaşaraq otağın qalan iki sütununu birdən uçurdu və özünü çətinliklə növbəti otağa atdı.
Mədəsi bulanırdı və gözünə qırmızı nöqtələr görünürdü. Bədənində hələ sehr qalsa da əzələləri tamam gücdən düşmüşdü. Birtəhər ayağa qalxıb geri çevrildi. Böyük daş parçalarının altında qalan vidralar çoxdan ölmüş, sağ qalanlar isə incə bir zingilti ilə can verirdilər. Qulağına sürtünən daş səsləri gələn Eçso, birtəhər növbəti otağa keçdi, sonra axırıncı otağa kimi qaçdı. Sonuncu otaqdan başqa bütün otaqlar onun ardınca yavaş-yavaş uçmağa başlamışdı. Sütunlar və böyük daş parçaları gurultu ilə çökərkən Eçso sakitcə baxmaqdan başqa heç nə etmədi.
Hər şey qaydasına düşüb, tozla birlikdə sükut çökən zaman nakrin təngnəfəs dizləri üzərinə çöküb “Bu nə işdir başıma gəlir?” öz-özünə deyinməyə başladı. “Belə sınaq olar?! Bunlar dəli olub nədi! Məni öldürmək istəyirlər?!”
Su qabını çıxarıb başına çəkdi və qab boşalana kimi içdi. Gözünü açdıqda qarşısında üzü örtülü bir döyüşçü görüb cəld ayağa qalxdı.
“Sən kimsən!” deyə soruşdu.
Döyüşçü bir neçə döyüntü dayanıb qapıya tərəf getməyə başladı. Metha paltarına bənzər geyimi, çiyinlərindən yerə kimi uzanan qara mantiyası vardı.
“Kimsən sən?” Eçso yenidən arxasından səsləndi “Dayan. Müşahidəçisən? Bütün bunlar nə deməkdi?”
Yad döyüşçü qapını açan zaman Eçso əlini onun çiyninə atdı. Sualını təkrarlamağa macal tapmamış döyüşçü elə onun əlinin altındaca qara alovlara çevrilib yox oldu. Bu, gənc nakrin üçün gün ərzində baş verən bir çox hadisədən daha gözlənilməz olmuşdu. Sanki yorğun zehni ona oyun oynayırdı. Geri addımlayaraq dəli kimi ətrafına baxarkən nə etdiyini heç özü də bilmirdi. Sonra həmin səsi yenə eşitməyə başladı. Getdikcə artan saysız vidranın ayaq səsləri. Səs aralı qapıdan gəlirdi. Eçso qapını açıb daha diqqətlə dinlədi və qəfil ağır taxta qapını çırparaq pilləkənlə meydana düşdü. Ayağını torpağa yenicə basmışdı ki, taxta qapı elə ilk zərbədə tikələndi. Bu səs, son çarə kimi qəfəsə doğru qaçan gənc nakrinin sürətini daha da artırdı. Vidralar sudan qaçan siçan sürüsü kimi qaynaşırdılar.
Eçso qaçarkən tikilinin digər hissələrinə baxırdı. Demək olar ki, hər qapıdan vidra sürüləri qaynaşırdı. Onu təqib edən vidraların ayaq səslərini az qala iyirmi addım arxadan eşidirdi. Qəfil dayanıb əlini qılıncına atdı… əli boşa çıxdı. Qılıncını necə itirdiyini xatırlamırdı. Xəncərini çıxarmaq istəsə də gecikmişdi. Özünü çatdıran gümüşü gözlü vidra, Eçsonun sol qolundan tutaraq dəmir biləkliyini gəmirdi. Eçsonun güclü yumruq zərbələrinə və biləkliyin iti tikanları ağzını qanatmağına baxmayaraq vidra qolunu buraxmırdı. Nəhayət Eçsonun son yumruq zərbəsi, vidranı qopan biləkliklə birgə kənara atdı.
Yenicə başını qaldırmağa macal tapan gənc nakrin, sinəsinə dəyən şiddətli bir zərbə ilə geri uçaraq qəfəsə çırpıldı. Gözlərinə çökən qaraltı tezliklə yox olsa da nəfəs ala bilmirdi. Var gücü ilə ciyərlərini şişirməyə çalışırdı, amma alınmırdı. Hər tərəfdən yaxınlaşan vəhşi məxluqlar Eçsonu əhatəyə almışdılar və ovlarına addım-addım yaxınlaşırdılar.
Eçso sürünərək qəfəsin qapısını açıb özünü içəri atdı. Onun girməyi ilə sürü hücuma keçərək ağır qəfəsə ard-arda zərbələr endirirdilər. Əlini sinəsinə tutan Eçso, bir yandan nəfəs almağa çalışarkən digər yandan barmaqlıqlardan içəri girən vidra pəncələrindən qorunurdu. Gümüşü gözlərini bərəltmiş vidralar selikli ağızları ilə dəmir barmaqlıqları gəmirirdilər. Sonra yavaş-yavaş qaranlıq çökməyə başladı. Qaranlığa səbəb olan günəş, ya da buludlar deyildi. Eçsonun havasız qalmış bədəni təslim olurdu. Ürək döyüntüləri azalır, bədəni sürətlə taqətdən düşürdü.
Eçso başqa çarəsinin olmadığını qəbul edərək qaranlıq sehri oyadan kəlmələri söyləməyə başladı.
“Zixan dif raxun set. Zixan dif raxun ruk raxas kimju.”
“Zixan dif raxun set. Zixan dif raxun ruk raxas fiyun yin mazatu.”
Bir anlıq durğunluq oldu. Sonra Eçso, ürəyinin əvvəlki kimi döyünməyə başladığını nəfəsinin qayıtdığını və ölümcül yorğunluğun yox olduğunu hiss etdi. Bu sanki dərin bir yuxudan ayılmaq kimi bir şey idi. Fərq onda idi ki, Qaranlıq Günəşdən istifadə zamanı yaşadıqları ona yuxu kimi gəlirdi. Elə bil həyata təhlükəsiz bir pəncərədən baxırdı. Çoxdandır dadmadığı bu ölməzlik duyğusu möhtəşəm idi.
Eçsonu örtən qara alovlar çoxdan qəfəsin ətrafını bürüyərək bir çox vidranın həyat enerjisini əmmişdi. Ayağa qalxıb qara gözləri ilə qəfəsə, sonra onu vidra cəsədlərinə baxdı. Elə bil baş verən hadisələr heç onun vecinə deyildi. Qəfəsdən çıxmaq üçün sıçrama sehrini işlədərək bir neçə addım kənarda qara alovlardan peyda oldu. Eçso daha bir sıçrama sehri ilə istədiyi yerə gedəcək qədər enerjisinin olduğunu bilsə də əyləncə xətrinə qalıb döyüşmək istəyirdi. Ardı kəsilməyən vidra sürüsü demək olar ki, hər yerdən gəlirdi. Qısa müddətdə tikilinin qapılarından axışan vidralar meydanı doldurmuşdular.
Məxluqların hücumunda heç bir nizam yox idi. Nə vaxt və necə gəldi hücum edirdilər. Sanki qorxu hissini itirmişdilər və tərəddüd haqda düşünmürdülər. Bir neçə hücum həmləsi ilə üstünlüyü ələ almağa çalışan Eçso, çoxalan cəsədlər ucbatından meydanın müxtəlif yerlərinə sıçramaq məcburiyyətində qalırdı. Bol işlətdiyi ağır sehrlər artıq onu yormağa başlamışdı. Təhlükəsiz bir yerə sıçramalı və mümkün qədər tez sınağı başa vurmalı idi. Ən məntiqli çıxış yolunun bu olduğunu bilməyinə baxmayaraq dayanmaq istəmirdi. Hətta özünə hakim ola bilmirdi. İşlətdiyi hər sehr, öldürdüyü hər məxluq sağ qolunu bəzəyən solğun qara zolaqları daha da tündləşdirirdi.
Daha bir neçə vidranın enerjisini çıxaran Eçso, qara alov topuna çevrilmiş yumruğunu var gücü ilə yerə vurdu. Çıxan səs gurultulu ildırım səsindən fərqlənmirdi. Meydan, getdikcə uzanan və genişlənən çatlarla birlikdə dağılaraq çökməyə başladı. Meydanı saxlayan sütunlar, mərkəzdən kənarlara doğru dağılmağa, meydanla birlikdə tikili də çökməyə başlamışdı.
3. Həqiqət yoxsa yuxu
Xəyal qurmaq istəyirəm
Yolsuz yolun qaranlığı
Qəlbsiz bədən sevgisini
Şiddətli gurultu səsi Eçsonu dərin yuxudan oyatdı. Özünə gəlməyi və uzandığı yerdən qalxmağı çox çəkmədi, lakin hər bir hərəkəti baş ağrısını daha da gücləndirirdi. Elə bil ürəyi beynində döyünürdü. Palçıqlı yoxuşdan səsin gəldiyi istiqamətə diqqətlə baxdı. Böyük şəhər xarabalığının bəzi tikililəri hələ də çökməkdə idi. Zehni o qədər yorğun və qarışıq idi ki, nə baş verdiyini heç cür xatırlamırdı. Yalnız yadına düşən bir neçə bulanıq hadisələr Oringen sınağı ərəfəsində olduğuna inandırırdı. Bəs sonra nə oldu? Baş ağrısı ilə yanaşı indi də zəhərlənmənin təsiri olan gözünə görünən qırmızı nöqtələr onu narahat etməyə başlamışdı.
Birdən daha çox şeylər xatırlamağa başladı və cəld əlindəki ləkəyə baxdı. Qaranlıq Günəş və onun qoluna yayılmış zolaqları həmişəkindən tünd görünürdü. İçindəki ümidsizlik dalğası daha da böyümüşdü. Yaddaşı bərpa olunduqca yuxu kimi də olsa həmin anları xatırladı. Möhtəşəm güc dalğası və hər bir məxluqu öldürdükcə artan qəddarlığını idarə altında saxlamaq düşündüyü kimi asan deyilmiş. Əslində çoxdandır ki, bu gücdən istifadə etmirdi. Müəllimləri ona bu idarəsi mümkünsüzə yaxın olan gücü passiv saxlamağın bir çox üsulunu öyrətmişdilər. İndi isə, hətta adi sehrdən istifadənin qadağan olduğu sınaqda Qaranlıq Günəşi azadlığa buraxmışdı.
Buludlar bir neçə yerdən seyrəlməyə başladıqca günəş ərazini daha yaxşı işıqlandırır, əsən soyuq külək, elə bil insanın içindəki sevinci dartıb qoparırdı. Eçso, Qaranlıq Günəşin təsiri altında olan zaman sıçrama sehri ilə özünü Sirenat təlim mərkəzinin bir neçə addımlığına atmışdı.
Təlim mərkəzinin tikanlı, hündür hasarı o qədər əzəmətli görünürdü ki, Eçsonun özünü çox cılız hiss etməyinə səbəb olmuşdu. Hasarın üzərindəki oxçular və bir çox nəzarətçi qülləsi təlim mərkəzinin hansı səviyyədə qorunduğunu yaxşı göstərirdi. Bildiyinə görə Sirenat təlim mərkəzi bütöv Azarın ən təhlükəsiz qalası sayılırdı.
Eçso hasarın şimal-qərb istiqamətinə toplanan nəzarətçi və döyüşçülərin təəccüb dolu baxışlarını gördü. Xarabalıqdakı uçquna nəyin səbəb ola biləcəyi haqda mübahisə edirdilər. Görünür heç kim ondan şübhələnmirdi. Nəhayət nəzarətçilərdən biri onu gördü.
“Sən kimsən?” deyə hasardan səsləndi.
“Mən Oringen sınağı…”
“Sən gecikmisən,” deyə nəzarətçi sözünü kəsdi. Üzünü aşağı tutub “Açın qapını” deyə göstəriş verdi. “Son iştirakçı da gəldi.”
Eçso bir nəfərlik dar qapıya yaxınlaşıb gözlədi. Bir neçə şaqqıltı səsindən sonra qapı açıldı. Qapını açan gənc döyüşçü ona maraqla baxaraq “Şəhərin niyə uçduğunu bilmirsən?” Soruşdu.
Eçso başını yellədi.
“Deyirlər meydana ildırım düşüb, görmədin? Sən ki yaxındaydın.”
Eçso heç nə bilmədiyini demək üçün ağzını açmışdı ki, ona tərəf qaçan gənc nakrini görüb dayandı. Bu onun təlim yoldaşlarından biri idi. Sonuncu sinfi bir yerdə təlim keçmişdilər və sınağa birgə başlamışdılar.
“Heç xəbərin var nə qədər gecikmisən?! Müşahidə heyəti çox narahatdı.” deyə gənc nakrin çatmamış deyinməyə başladı. Eçsodan bir neçə yaş kiçik, uşaq baxışlı gənc oğlan “Hamı elə bilirdi sən də ölmüsən,” deyib onu içəri salıb arxası ilə gəlməyini işarə etdi.
“Sınaqda ölən olub?”
“Braqlejin. Onun cəsədini şəhərdəki körpülərdən birinin altından tapıblar.”
Bir yerdə təlim mərkəzinin baş binasına yollanmışdılar. Daş döşənmiş dar küçələrlə hərəkət edərkən Eçso çölə tökülmüş insanların narahat pıçıltılarını və qorxu ilə analarına yapışmış uşaqları gördü. Burdakı əhalinin böyük hissəsi döyüşçü və onların ailələri olsa da qorxu hər kəsin zəif tərəfi idi. Ən çox da bu son illərdə.
“Onun cəsədini tapandan sonra sənin gəlməməyin onları şübhələndirməyə başladı,” dedi gənc nakrin. “Cəld tərpən Eçso, onsuz da gecikmisən. Çoxları fikirləşir ki, siz mübahisə etmisiniz və sən onu öldürüb qaçmısan.” Eçsonun baxışını görüb “Onları qınamaq olmaz,” deyə tez bildirdi “Siz ikinizin bir-birinizə düşmən olduğunu bilməyən yoxdu. Yol verin uşaqlar, ayaq altda oynamayın. İlahi bu uşaqlar palçıqda eşələnməkdən niyə bu qədər həzz alırlar?! Tərpən Eçso, tərpən,” deyə Eçsonun qolundan tutaraq dartmağa başladı. “Nə dediyim də yadımdan… hə. Əlbəttə ki mən bu ehtimala inanmadım. Bilirəm ki, Braqlejinə qarşı silah qaldırmazsan, o isə səninlə təklikdə döyüşməyə cəsarət etməz. Yeri gəlmişkən, onunla çoxdan tanışsan? Daha doğrusu, idin?”
“Yox… Hə.”
“Yox, hə. Gözəl cavabdı.”
“Bağışla, yorğunluqdan beynim bulanır. Hə, beş il əvvəl… ilk təlim aldığım vaxtdan tanışıq… idik… O… o, doğrudan ölüb?”
Baş binaya girib geniş zala daxil oldular. Sınağı bitirmiş digər üç nakrin, Eçsonun gəlməyi ilə qızğın söhbətlərini bölüb heykələ döndülər. Sonra baxışlarını qaçıraraq təcili bir iş yadlarını düşmüş kimi oradan uzaqlaşdılar.
“Hə, doğrudan.” Gənc nakrin yoldaşlarına gözucu baxaraq dedi. İlan kimi qıvrılaraq yuxarı qalxan ensiz, daş pilləkənə çatmışdılar. “Mən burada qalmalıyam, hansı otaq olduğunu bilirsən,” dedi Eçsoya. Ayağını pilləkənin heç birinci pilləsinə belə qoymamışdı.
Eçso əlini yoldaşının çiyninə qoyub “Sağ ol, Tafrul sən olmasan çətin ki son tapşırığa çatardım,” bildirdi.
“Birincisi Tafrul yox Tafarul. Zarafatsız, sən mənim adımı nə vaxtsa düzgün deyəcəksən ya yox?!” bildirdi gənc döyüşçü. “İkincisi isə, sən nə haqda danışırsan?”
“Braqlejinin gizlətdiyi işarələr. Onların üstünü açmasan… bu sən deyildin?”
Gənc nakrin qaşlarını çataraq başını yellədi.
“Biz dördümüz son tapşırıqlarda bir yerdə idik. Braqlejin isə bizdən bir neçə saat geridə gəlirdi. Ondan da geridə yalnız sən qalırdın. Deməli o murdar heyvan sənə…” Tafarul özünü ələ alıb dişlərini sıxdı. “Ona az olub hələ. Gərək vidralar tutub onu diri-diri parçalayardı, oxx… nə tikan çıxardı ürəyimdən. Braqlejin… ada bax! Özünü bəyənmiş dikburun uzundraz!”
Eçso yoldaşının getdikcə coşduğunu görüb “Yaxşı, mən gedim,” dedi.
“Hə, get-get. Zibil! Başımız söhbətə qarışıb get nədi, qaç!”
Eçso, qıvrılaraq yuxarı qalxan pilləkənə baxarkən özünü müdafiə edəcək bir bəhanə…
“Sən hələ burdasan?! Qaç-qaç cəld ol!”
Zala daxil olan zaman ilk eşitdiyi, dəhlizə kimi gələn söhbət uğultusu olmuşdu. Müşahidə heyəti ikili, üçlü qruplar halında otağın müxtəlif yerlərində ayaq üstə müzakirə aparırdılar.
“Nəhayət,” dedi onun gəlməyini ilk görən sınaq müşahidəçisi.
Bu səslə başlarını ona çevirən on üç heyət üzvü, yarımdairə formasında düzülmüş, önündə masa olmayan oturacaqlarda əyləşdilər.
Zəif işıqlandırılmış, pəncərəsiz zal, qapalı və monoton rəngə sahib idi. Bir vaxtların əfsanə döyüşçüləri nə döyüşçü, nə də təlimçi olmayacaq qədər qocaldıqda nakrinlərə həyatlarının ilk ən böyük sınağına nəzarət etmək üçün toplanırlar. Biri xaric hamısı insan irqindən olan müşahidəçilər qocalıb ki, bu cür əsən əllərinin bir vaxtlar qılınc tutduğuna inanmaq Eçsoya çətin gəlirdi.
Gənc nakrin yarımdairənin mərkəzində dayanıb bir müddət müşahidəçilərin səssiz baxışlarını izlədi. Haradan başlayacağını bilmirdi, belə ki, kiminsə sual verməyini gözləməyə qərar verdi.
“Eçso es-Xenera.” Yarımdairənin ortasında oturmuş yaşlı ekro səsləndi. “Narahat olmayın, buradakı hər kəs sizin həqiqi kimliyinizi bilir.”
Eçso yaşlı ekronun bunu hansı mənada dediyini bilirdi. Günəş döyüşçüsünün təhlükəsizliyi üçün Eçsonun kimliyini mümkün qədər gizli saxlamağa çalışırdılar. Bütün Azar bu beş ildə Qaranlıq Günəş və insan irqini xilas etmiş Günəş döyüşçüsü haqda danışmağına və mahnılar oxumağına baxmayaraq heç kim onun əslində kim olduğunu bilmirdi. Bəziləri onun keçmişdən gəlmiş tanrı, bəziləri Elionun oğlu, bəziləri isə adi bir əfsanə olduğuna inanırdılar.
Eçso sınağı bitirdiyini göstərmək üçün əlini kəmər çantasına atıb yumurtanı çıxardı. Daha doğrusu onun qabıqlarını. O gecə yaşadıqlarından sonra yumurtanın qırıq olmağı nakrinə heç də təəccüblü gəlməmişdi.
“Belə, görünür son mərhələyə kimi gəlmisiniz.” Ekro qeydsizcə bildirdi. Onları artıq nə sınaq, nə də onun uğursuz nəticəsi maraqlandırırdı. “Sınaq zamanı sehrdən istifadə etmisiniz?”
Eçso yalan danışmağa cəsarət etmədi.
“Bəli.”
“Qadağan olduğunu bildiyiniz halda yenə də sehrdən istifadə etmisiniz, elədi?”
“Bəli.”
Ekro rahat oturacağına söykənərək “Adlarını öyrənə bilərəm?” Soruşdu. “Və hansı məqsədlə istifadə etdiyinizi?”
“Qaranlıqda yolumu tapmaq üçün bala ulduz…” Eçso sehrin adını loru dildə dediyini anlayıb. “Üzr istəyirəm. Milur,” deyə düzəltdi. “Sonra bədən qoxumu gizlətmək üçün Jizan teh. Vidralarla döyüş zamanı, Parıltı, zərbə dalğası…” Eçso dayanıb daha çox saymağın bir mənası olmadığını anladı. Əsasən də işlətdiyi qaranlıq sehrlərə çatmaq istəmirdi. “And içirəm ki, mən on doqquzuncu tapşırığa qədər heç bir sehr işlətməmişəm. Yalnız son iki tapşırıqda, həyatım ciddi təhlükə altında olan zaman sehrə əl atdım. Başa düşürəm, bu əsas deyil, amma…” Eçso başını yelləyib bağlanan gözlərinə mane olmaq üçün üzünü ovxaladı.
“Daha bir sualım var. Gənc döyüşçü Braqlejinlə sınaq müddətində neçə dəfə qarşılaşmısınız?”
Eçsonun qorxduğu sual gəlmişdi. “İki dəfə. İlk dəfə sınaq başladıqdan bir gün sonra. İkinci dəfə Koran dağlarının şimal-qərb ətəyində qarşılaşdıq.“ İkinci qarşılaşma xoş olmasa da danışmağa məcbur idi. Çünki onların bunu onsuz da bildiyinə şübhə etmirdi. “Biz bir az… mübahisə etdik.”
“Siz az qala döyüşürdünüz.” Müşahidəçilərdən biri səsləndi. “Mane olmasaydılar bu asanlıqla qılınc döyüşünə çevrilə bilərdi.”
“O, mənim almalı olduğum əşyanı oğurlamağa çalışırdı,” deyə Eçso özünə haqq qazandırmağa çalışdı. “Elə ilk gündən mənə mane olurdu.”
“Siz də onu yolunuzdan çəkmək fikrinə düşdünüz?” deyə hədsiz dərəcədə arıq bir qoca soruşdu.
Sükut yarandı.
Eçso, yaşlı ekronun ona diqqətlə baxdığını görüb “Nə düşündüyünüzü bilirəm,” dedi. “Unutmayın ki mən də cinayət işi təhsili almışam və təcrübəm olmasa da bu sistemin necə çalışdığını bilirəm. Hazırda əlinizdəki yeganə şübhəlinin mən olduğumu bilsəm sizcə bura ayaq basardım?”
“Cinayət üçün sizi heç kim günahlandırmır.” Yaşlı ekro digərlərinin sual dolu baxışları altına dedi. “Birincisi ona görə ki, gənc nakrin qılıncla öldürülüb. Nə siz nə də digər yoldaşlarınız həmin yerdə heç biriniz silaha sahib deyildiniz. İkincisi isə, onu öldürən qılınc bizə məlum olmayan, tək tərəfi kəsərli qəribə silah növüdür. Bizi maraqlandıran, onun sizə mane olmaq istəyidir. Bildiyimizə görə onunla təliminin ilk illərindən tanışsınız. Necə düşünürsünüz, o, öz istəyi ilə sizə mane olurdu?”
Eçso başını tərpədərək “Buna əminəm,” dedi. Şübhələrin üzərində olmamağı onu xeyli rahatlatmışdı. “Braqlejin elə ilk vaxtlardan… belə deyim, onunla heç vaxt ortaq dil tapa bilməmişik. Heç cür başa düşmürəm. Onu kim və nə məqsədlə öldürmək istəsin?”
“Əslinə qalsa biz də heç nə anlamırıq, tədqiqat nəticələrini gözləməkdən başqa çarəmiz yoxdur.” Sağ və sol tərəfindəki heyət üzvlərinə baxan ekro “Düşünürəm bu məsələni tutarlı dəlil olmadan uzatmaq yersizdir,” deyib istəksiz də olsa razılıqlarını aldı. Sonra üzünü yenidən Eçsoya çevirib “İndi isə de görüm ən gözəl sınaq məkanımızı niyə yerlə bir etmisən?” Soruşdu.
Bu sözlə heyət sanki nəfəsini saxladı. Ardınca pıçıltılar və çoxlu sual işarələri yarandı. Hamı gənc Günəş döyüşçüsünün nə cavab verəcəyini gözləyirdi. Meydanın uçduğunu bilsələr də buna gənc və təcrübəsiz bir nakrinin səbəb ola biləcəyinə ehtimal vermirdilər. Bu gənc nakrin, Günəş döyüşçüsü olsa belə.
“İnanın məqsədim bu deyildi, özümü müdafiə etmək üçün buna məcbur idim,” deyə Eçso ağzı açıq qalmış heyət üzvləri qarşısında cavab verdi. “Bacara bildiyim qədər özümü sax… belə ağır tapşırığın öhdəsindən başqa nə cür gəlmək olar?!”
“Üç vidranı öldürüb yumurtanı gətirmək bu qədər çətin idi?” Soruşdu ekro.
Bu cümlə Eçsonun beyninə ildırım kimi düşdü. Elə lap başdan işlərin tərs getdiyini anlamışdı.
“Üç?!” deyə Eçso zaldakıların bir-bir üzünə baxdı. ”Mən sınaqda yüzdən çox vidranın hücumuna məruz qaldım.”
Yaşlı ekro alnını qırışdırdı. “Yüz vidra?” deyə təkrarladı. Digər heyət üzvlərinə baxdı, amma onlar da ən az onun qədər təəcüblənmişdilər. “Gəlin dəqiqləşdirək. Siz son sınaq üçün kanalizasiya dəliyindən meydana daxil olursunuz və yüz ədəd vidra sizə hücum edir. Sonra necəsə yumurtanı götürüb vidralarla birlikdə meydanı dağıdaraq heç bir xəsarət almadan oradan qaçırsınız. Düz başa düşmüşəm?”
“Əslində mən,” Eçso deyəcəyi sözləri ehtiyatla seçməli olduğunu bilirdi “birinci üç vidra ilə döyüşdüm. Sonra onlar getdikcə çoxalaraq fasiləsiz hücum etməyə başladılar. Saylarının həddi keçdiyini görüb…” hekayəsinin sonu məlum olduğu üçün burda saxladı.
“Eçso, sözlərin heç bir məntiqə sığmır,” deyə yaşlı ekro təmkinlə bildirdi. “Əslində bunu hər kəsdən gizlədirik, odur ki… Belə deyim, təlim meydanı və həmçinin xarabalıqdakı vidralar xüsusi yetişdirilmiş təlimli məxluqlardı. Sayları isə… nə qədər idi? Otuz, otuz səkkiz?” deyə yanında oturan digər üzvdən təsdiq alıb. “Bəli otuz səkkiz,” dedi. “Hər birinizə üç ədəd olmaqla on səkkizi yarış meydanında qalan iyirmisi isə on doqquzuncu mərhələyə gec çatanlara maneə törətmək üçün şəhər daxilində.”
“Bəs mən…”
“Həmçinin.” Ekro barmağını qaldıraraq sözünün bitmədiyini göstərdi. “Ümumi sınaq müddətində hər iştirakçıya ekro irqindən mato tsetasına sahib bir ekro nəzarət edir. Bu sınağın tamam təhlükəsiz olduğunu demirəm. Bəzi illər qəzalar baş verə bilir, amma sizin bildirdiyiniz sayda vidra o ərazidə ümumiyyətlə mövcud ola bilməz.”
“Deyirsiniz yalan danışıram? Bu mənim nəyimə lazımdı?” Sonra yadına başqa bir şey düşdü. “Mən orda bir ekro gördüm,” deyə sanki uyuşmazlığın cavabını tapmış kimi diqqət cəlb etdi. “Ondan kim olduğunu soruşdum və o, sıçradı. Ola bilsin bütün bunların səbəbi hətta Braqlejinin ölümü…”
“Cənab Eçso.”
“O, qaranlıq sehrdən istifadə edirdi. Ola bilsin…”
“Eçso,” yaşlı ekro səsini yüksəltdi. Əli ilə zalın qapısını qoruyan döyüşçüyə işarə etdi və döyüşçü sanki çoxdandır bunu gözləyirmiş kimi qapını açıb muzdlu geyimində bir döyüşçünü içəri buraxdı.
Yeriş tərzindən və ölçüsündən Eçso onu həmin an tanıdı. “BU ODUR!” Deyə qışqırmaq istədi, lakin özünü saxladı. Döyüşçü yaxınlaşıb üzünü gizləyən başlığını geri atdı. Geniş metha geyiminə baxmayaraq Eçsodan daha arıq və hündür görünürdü. Az qala baş dərisi görünəcək qədər qısa kəsilmiş saçı və üz sümüklərini aydın göstərən arıq yanaqları, gənc nakrinə heç cür tanış gəlməmişdi.
“Tanış ol, Nesenfa,” deyə yaşlı ekro əli ilə döyüşçünü təqdim etdi “Elionun ən yaxşı şagirdi. Sən təlim gördüyün beş ildə səni qorumaq üçün ona qaranlıq güclər öyrədildi. Sınaq başladığı gündən səni qoruyur.”
Nesenfa gənc nakrinə baxıb başını tərpədərək salamlaşdı. Eçso da eyni ilə salamladı. Bu qədər vaxt ərzində izləndiyi heç ağlına da gəlməmişdi. Elionun casusları həqiqətən işinin ustaları idi.
“Bizə bildiklərini danış Nesenfa.”
“Sizə dediyim kimi ustad. Biz xarabalığa çatanda iştirakçılardan biri silməyi bacarığı işarələri artıq silmiş və öldürülmüşdü. Belə ki…”
“Onu aydınlaşdırdıq Nesenfa,” deyə ekro onun sözünü kəsdi. “Heç kim cinayətdə Eçsonu günahlandırmır. Sonra baş verənləri danış.”
“Sonra Eçso kor-koranə də olsa yolu axtarıb tapdı. On doqquzuncu tapşırıq zamanı bir neçə dəfə sınağı yarımçıq saxlamaq istədim, amma buna ehtiyac görmədim. Sehr istifadə etsə də öhdəsindən gəlməyi bacarmışdı. İstifadə etdiyi sehrlər Jizan…”
“Artıq bilirik, sonra.”
“Sonra olmalı olduğu kimi silahı ilə birgə meydana çatdı.”
“Siz orada neçə vidra gördünüz?” Soruşdu ekro. Olduqca yaxşı bildiyi cavabı hər kəsin eşitməyini istəyirdi.
“Üç. Gənc nakrin bu tapşırığın öhdəsindən bir neçə ürək döyüntüsündə gəldi. O qədər asan oldu ki, bunun həqiqi tapşırıq olduğuna inanmadı.”
“Sonra?”
Nesenfa gənc nakrinin üzünə baxaraq “Qəribə hərəkətlər etməyə başladı,” dedi tərəddüd etmədən “Önündə bir hədəf varmış kimi qılıncını çəkib döyüşürdü. Sehrdən necə gəldi istifadə edərək tribunanın bir hissəsini uçurdu və huşunu itirdi. Sınağı davam etdirəcək gücünün qalmadığını zənn edib ona kömək etmək istədim sonra, buna ehtiyacı olmadığını görüb sıçradım.”
“Sıçramadan sonra hələ də onu izləyirdin?”
“Bəli ustad.”
Yaşlı ekro Eçsonun üzünə baxaraq sanki davam etməyə ehtiyac olub-olmadığını soruşurdu.
“Yaxşı Nesenfa gedə bilərsən.”
Casus bir anlıq tərəddüdlə nə isə demək istəsə də dönərək asta addımlarla zalı tərk etdi.
“Nesenfa həmçinin mənə, sənin altı gündür az qala dincəlmədiyini və axmaq bir səyyah ucbatından Sirenat ovalığına daha uzun və təhlükəli yoldan gəldiyini bildirdi,” deyə ekro deyəcəyi şey üçün Eçsonu hazırlamağa çalışırdı. Rəsmi səs tonunu səmimi usta şagird münasibətinə çevirmişdi.
“Sınağın ilk günlərində bəxtin gətirmədiyi üçün başqalarından daha çox əziyyət çəkmisən. Həddindən artıq çox qaçmısan və ölümcül otlaqdan sağ çıxmısan. Bütün bunlar və içdiyin iksirlər zehnini… Demək istəyirəm orada gördüklərin, çox ehtimal ki, yorğun zehninin sənə oynadığı bir illüziya oyunu idi.” Ekro gənc nakrinin boş baxışlarını görüb dediklərini anlamadığını düşündü “İllüziya yəni…”
“İllüziyanın nə olduğunu bilirəm,” deyə Eçso lazımından sərt qarşılıq verdi. “Hə ola bilsin yorğun idim, amma mən bütün ağrını hiss edirdim, yaşadığım hər bir an həqiqət idi. Bunu bilirəm.” Eçsonun tükənməyə başlayan səbri, asılı olmadan səsinin yüksəlməyinə səbəb olurdu. “Mən orda döyüşdüm, yaralandım, öldürdüm! Hamısı da burada, sizin qarşınızda durduğum kimi real idi.”
“Mən yaralandığını görmürəm.”
Eçso bir an duruxdu. Hansı xəsarətləri aldığını sıra ilə xatırlamağa çalışdı. Vidralardan biri onun sol qolundan tutmuşdu, amma tikanlı dəmir biləklik qolunu qorumaqla birgə vidranın ağzına ilişib qolundan qopmuşdu. Sonra sinəsinə dəyən şiddətli ağrını xatırladı. Bütün müşahidə heyəti önündə zirehini soyunmağa başladıqda yaşlı heyət üzvləri önə əyilib diqqətlə baxmağa başladılar.
Çılpaq bədənini göstərən son köynəyi çıxardı, ancaq tək bir yara belə yox idi. Buna baxmayaraq vidranın vurduğu zərbənin ən az iki qabırğasını qırdığını həmin an hiss etmişdi. Elə bir ağrını heç cür uydura bilməzdi. Yoxsa həqiqətən bunlar bir illüziya idi?
Eçso bir an duruxdu. Həqiqətən heç bir görünən xəsarət almamışdı.
“Yox bu mümkün deyil,” dedi, öz düşüncələrini təkzib edərək “İstəyirsiniz uçqunların altına baxın orada yüzlərlə cəsəd tapacaqsınız. Kimsə mənə tələ qurub, ora bir dəstə göndərin hər şeyi öyrənsin.”
“Eçso sakitləş,” deyə ekro tez araya girdi “Heç kim burda baş verən hadisələrə görə səni günahlandırmır. Biz sadəcə sənin yaxşılığın üçün bunu edirik. Əgər istədiyin budursa ora göndərmək üçün yaxşı dəstə hazırlayaram, hətta istəsən sən də ora gedərsən. Amma alacağın cavab eyni olacaq.”
Bu, çıxışı olmayan mübahisəyə nöqtəni qoymaq istəyən ekro, Eçsonun iddiasını çürüdəcəyini düşündüyü sualı verdi.
“Yaxşı hesab edək ki, dediklərinin hamısı doğrudur. Belə bir hadisədən sonra necə olub ki sağ qalmısan?” Yaşlı ekro maraqla soruşdu “Eçso, tanıdığın ən yaxşı nakra kimdi?”
Eçso, az qala Etrak deyəcəkdi, lakin onun haqda deyilənləri xatırlayıb “Baş ustad Elion,” dedi sadəcə.
“İnan mənə gənc döyüşçü, hətta Elionun belə dediklərinin qarşısında xəsarətsiz qala bilməz.”
“Bilirəm,” deyə gənc nakrin udqundu. Daha çox gizlətməyin mənası yox idi. Onsuz da olan olub. “Amma onda bu yoxdu.” Sağ əlini qaldırıb zil qara rəngə bürünmüş Qaranlıq Günəşi göstərdi.
Yaşlı ekro bir anlıq ildırım kimi yerindən qalxdı. Üzünü dəhşət bürümüşdü. “Sən… nə etdiyini heç təsəvvür edirsən?!”
Digər heyət üzvləri qorxu içində bir-birilərinə baxırdılar. Heç birinin səsi çıxmasa da Eçso onların pıçıltılarını beynində hiss edirdi. Nisbətən daha zəif olsa da meydanda olduğu kimi anlaşılmaz və getdikcə bezdirici olurdu.
“Özünü nə cür bir təhlükəyə atdığından xəbərin var? Bəs bu insanları,” deyə ekro deyinməyə davam etdikcə Eçso başına girən ağrı ilə geri addımlayırdı. “Beş il sənə bu gücü idarə altında saxlamaq öyrədildi, sən isə bir gündə hər şeyi məhv etdin. Bu möhürün sənə nələr edə biləcəyini heç təsəvvür edirsən?!”
Eçso artıq yaşlı ekronu dinləmirdi, beynindəki səslərin bəziləri anlaşılır olsa da, onlara qulaq verməməyə çalışırdı. Yoxsa həqiqətən ağlını itirirdi?
Yalan deyirlər, onlar bilmir, inanma ona, heç kimə inanma…
Səslər üst-üstə minmiş hərfləri xatırladırdı.
Sən başqasan, sən xüsusisən, sən sərhəd tanımırsan…
Eçsonun gözləri önündə uçan qırmızı nöqtələr getdikcə artırdı.
Sən Qanunsan…
“KƏSİN SƏSİNİZİ!” Eçso qışqırdı.
Səslər kəsilmişdi. Müşahidə heyəti çaşqınlıq və səssizlik içində ona baxırdılar. Qaranlıq Günəşin yan təsirlərini çox yaxşı bilən yaşlı ekro belə çaşıb qalmışdı.
“Mən ağlımı itirməmişəm!” Dedi gənc nakrin. “Mən nə gördüyümü bilirəm. Bu cür illüziya ola bilməz.”
Yaşlı ekro “Kifayətdi Eçso, dayan.” deyə dodağının altından pıçıldadı. Gözləri heyət üzvlərində olsa da Eçso ilə danışırdı “Özünü çıxılmaz vəziyyətə salırsan.”
Ağlını itirmiş kimi bərələn gözlərlə baxan Eçso, bu sözlərin əhəmiyyətini gec anlamışdı.
“Nakra adını almaq mənim vecimə də deyil,” deyə bildirdi gənc nakrin “Mən sizə həqiqəti danışıram.”
Ürəyi bulanan nakrinin başı gicəllənməyə başlayanda yaşlı ekro onu tutdu. Ayaqları sözünə baxmırdı və çətinliklə düz dura bilirdi. Bunu görən qoca müşahidəçilərdən biri onlara yaxınlaşdı.
“Zəhərlənib,” deyə gənc nakrinin gözlərinə ilk baxışda bildirdi. “Oğlum, de görüm Mixon fəsiləsindən hansı iksirləri içmisən… yorğunluq iksirindən neçə dənə içmisən?”
Eçso heç nə demədi. Göz qapaqlarının örtülməyinə mane ola bilmirdi.
“Əminəm həddi çoxdan keçib,” Cavab almayan həkim bildirdi. “Onu evimə gətirin, hazır dərmanlarım yalnız ordadı.”
Yaşlı ekro qapını qoruyan döyüşçüləri çağırıb hər ikisinə ehtiyatlı və cəld olmaqlarını dəfələrlə deyib dəyərli Günəş döyüşçüsünü onların qollarına təslim etdi.
“Gümüşü gözlər…” deyə huşunu itirmiş Eçso sayıqlamağa başladı “Gümüşü gözlər məni görür.”
Yaşlı ekro, bu sözləri eşidən an dəhşət içində donub qaldı. Artıq otaqdan çıxarılmış Eçsonun arxasınca daha bir müddət bu vəziyyətdə baxdı.
4. Eliondan məktub
Yox olmaq istəyirəm
Yerin ən alt qatlarında
Odun qara küllərində
“Baba… baba.” Məlahətli bir qadın səsi eşidildi. “Babaa.”
“Hə, gəldim,” deyə qoca bir kişi səsə yaxınlıqdan qarşılıq verdi.
“Gəlmə. Dediyin iksiri tapa bilmirəm, hara qoymusan?”
Cavab bir az gec gəldi.
“Üçüncü rəfə bax, üstünə qırmızı ip bağlamışdım.”
Qoca sözünü yeni bitirmişdi ki, “Ehtiyac qalmadı tapdım,” deyə qadın səsi yaxınlıqdan eşidildi. “Getdikcə iksirlərin yerini daha tez-tez unudursan. Bunun yeri birinci rəfdir üçüncü yox.”
“Keçən hər gün cavanlaşmadığımı dəqiq bilirəm,” deyə qoca gülərək bildirdi. “Bir gün iksir rəfinə ayaqqabılarımı qoysam təəccüblənmə.”
Qadın güldü.
“Sənə demədim, amma əslində iki gün əvvəl ayaqqabılarını iksir rəfinə qoymuşdun.”
“Nə? Ola bilməz.”
“Hə olar. Ayaqqabılarını həyat iksirləri rəfinə qoymuşdun. Hətta iksirlərdən birinə yer qalmadığı üçün götürüb ayaqqabının içinə salmışdın.”
Eçso ağır göz qapaqlarını yavaş-yavaş qaldırdı. Zəif işıq gözlərini qamaşdırırdı.
Daha bir cəhd edən gənc nakrin gözlərini aralayıb yatağının yanında oturanları bulanıq da olsa görə bildi. Gülər üzlü qocanı qısa kəsilmiş boz saqqalından tanıdı. Onu müşahidə heyəti yığıncağında görmüşdü. Qadını isə tanımadığına əmin idi. Orta yaşına baxmayaraq gözəlliyi və hərəkətləri gənc bir qızı xatırladırdı.
“Yaraşıqlı döyüşçümüz yenə gözlərini açdı,” deyə qadın, dolğun bir gülümsəmə ilə Eçsoya baxaraq dedi. “Səncə onu bu gün ayıltmaq bir az tez deyil? Bir-iki gün də yatsa gücünü tam toplayar.”
Qoca iksir şüşəsinin tıxacını çıxarıb bir əli ilə Eçsonun başını qaldıraraq dərmanı içirib “Onu mümkün qədər tez oyatmaq lazımdı,” deyə nəvəsinin təklifinə cavab verdi “Ustad Elion ona məktub göndərib.”
“Bəs bu Elion iki gün gözləyə bilmir?!”
Qoca, nəvəsinə baxdı.
“Yaxşı, başa düşdüm. Bu döyüşçülər onsuz da sağlamlıqlarına dəyər vermirlər,” qadın deyinərək onlardan uzaqlaşıb mətbəxdə iş görməyə başladı.
Eçso dərmanın təsirini qısa müddətdə hiss etməyə başladı. Bədənindəki əzginlik və yuxu getdikcə azalırdı. Ürək döyüntüləri və nəfəsi sürətlənərək normal ritmini geri qazanırdı. Sonda buz kimi bədəni yuxarıdan aşağı isinib qısa müddətdə normal qan dövranını təmin etməyə başladı. Bu göstəricilər onun kiçik ölüm adlı iksirin təsiri altından çıxdığını göstərirdi.
Qoca, nakrinin tamam oyandığından əmin olub “Özünü necə hiss edirsən?” soruşdu.
Eçso danışmaq yerinə başını tərpətmək istədi, lakin bunun daha çətin olduğunu görüb “Yaxşıyam,” dedi. “Dediniz baş ustad Elion mənə məktub göndərib?”
Qoca gülüb “Nəvəm düz deyir. Siz döyüşçülər ən dəyərli silahınız olan sağlamlığınıza dəyər vermirsiniz,” deyərək başını yellədi. “Bir həftədir ölümlə boğuşursan və gözlərini açıb işlətdiyin kəlmələrə bax.” Eçsonun ondan hələ də bir cavab gözlədiyini görüb “Hə, ancaq nə ilə bağlı olduğunu demədilər,” deyə bildirdi. “Məndən yalnız səni sabaha kimi özünə gətirməyimi istədilər.”
Bu xəbər Eçsonu sevindirmişdi. Ehtimal ki, qayıtmağı haqda əmr gəlmişdi. Bu lənətə gəlmiş nəmişlikdən və biabırçı vəziyyətə düşdüyü Oringen sınağından mümkün qədər uzaqda olmaq istəyirdi. Son dəfə onu Şimalda, İkram qəbiləsində yaşayan nənəsinin ölüm xəbərini verən zaman, üç il bundan əvvəl, görmüşdü. O günləri xatırlamaq gənc nakrin üçün çox ağır idi. Bütün dünyasını başına yıxan xəbər, Eliona uzun müddət qara xəbər elçisi kimi baxmağına səbəb olmuşdu. Amma burada təbiətdən başqa heç kimin günahı yox idi. Bir vaxtlar nənəsinin də dediyi kimi insanlar doğulur, yaşayır və ölür. Yenə də onun ölümü ilə barışmaq heç asan olmamışdı.
“Yəqin ki adımı xatırlamırsan,” deyə qadın əlində, içindən buxar qalxan bir qab yeməklə yaxınlaşdı.
Eçso fərqində olmadan “İlisa?” dedi. Bu ad ona bitməyən yuxularda göydən gələn səsi xatırladırdı.
Qadın babası ilə gülməyə başladı.
“O, hər gün başının üstündə durub sənə öz adını deyirdi,” deyə qoca izah etdi.
İlisa yeməyi masaya qoyub Eçsonun başının altına daha böyük bir yastıq yerlşdirərək “Təkcə bu?” deyə babasına baxdı.
“Hə bir də sən darıxmayasan deyə hər axşam nağıllar danışırdı.”
“Əjdaha sürücüləri, Daş qılınc, At adam, Danışan ağacların nağılı,” deyə Eçso bir-bir saydı. “İndi bildim niyə bu yuxularda həmişə baş qəhrəman olurdum.” Hər üçü güldü. “Çox sağolun, sizi tanımasam da nədənsə özümü ailənin bir üzvü kimi hiss edirəm.”
“Çünki hər ikimiz dərdlərimizi sənə danışırdıq,” deyə qoca bildirdi “Burda söhbət etmək üçün adam tapmaq çətin, sənin kimi bir dinləyici tapmaq isə mümkünsüzdü.”
“Yaxşı, yemək vaxtı çatdı.” İlisa yemək dolu boşqabla qayıdıb Eçsonun yatağında oturdu. “Bir həftədir düzgün yemək yemirsən.”
Yeməyin nəfis qoxusu Eçsonun burnuna gələn an gənc nakrin nə qədər ac olduğunu hiss etdi. İlisanın qaşığı üfürərək ona uzatdığını görüb “Mən özüm,” deyə öncə bir az dikəldi sonra boşqabı alıb “Minnətdaram,” dedi.
Son qaşığı da bitirən zaman doymasa da bir qabdan artıq yemək vermədilər. Qoca həkim yeddi gündür içdiyi iksirin təsirinin tam keçməyini gözləməli olduğunu deyərək nəvəsinin israrına qarşı çıxmışdı.
“Bəs rəssamın kimdi?” Soruşdu İlisa.
“Rəssam?” Eçso qocaya baxdı.
“Qolundakını deyirəm, iynə ilə dəri altına şəkil çəkildiyini görmüşdüm, amma bu qədər gözəlinə heç rast gəlməmişdim,” deyə İlisa Eçsonun sağ qoluna dəfələrcə baxsa da yenidən nəzərdən keçirdi. “Hə? Bunu harada etdirmisən?”
“Mmmm…”
“Şimalda.” Nəhayət babası çıxılmaz vəziyyətdə qalan Eçsonun yerinə cavabladı.
“Hə şimalda.” Cəld təkrarladı Eçso.
İlisa, Eçsonun qolunu bəzəyən və alov dillərinə bənzəyən Qaranlıq Günəşin uzantısına baxdı. Tünd qara alov dilləri qalın, amma seyrək şəkildə biləkdən dirsəyə doğru qalxdıqca sadə qıvrılmalarla uzanır, sonra daha da seyrələrək dirsəkdən çiyinə doğru nazilib qara dillərin ucları kürəyinə və boğazına kimi çatırdı.
“Mən də beləsini istərdim,” dedi İlisa nəhayət.
“İnan mənə istəməzdin.”
“Niyə?”
“Mmm, iynələrə görə. Əlinin içinə və qoluna minlərlə dəfə batan iynənin ağrısına dözmək asan deyil.” Bunu deyərkən bu cür ağrı qarşılığında bu lənətdən qurtulmağa hazır olduğunu düşündü.
Həmin günün axşamı Eçso keyimiş qollarını və ayaqlarını elə yataqdaca hərəkət etdirərək ayağa qalxmaq üçün lazımlı gücü toplamağa çalışırdı. Bir neçə dəfə xəbərsiz ayağa qalxmaq istədi, amma başı o qədər dəhşətli fırlanırdı ki, heç yerindən tam qalxmamış yatağa yıxılmışdı. Yeddi gün bir yerdə yatmağa öyrənmiş bədən və bu bədəni yeddi gündür saxlamayan ayağın özünə gəlməyi bir yana, başının hərlənməyi ona daha çox mane olurdu. Həmin gecəni Eçso ayıq keçirdi. Bir həftəlik yuxudan sonra bir həftə yatmasa yenə də yuxusu gəlməzdi yəqin.
Ertəsi gün, hava aydınlanmağa başlayanda İlisa səhər yeməyini hazırlamaq üçün öz otağından çıxan zaman Eçsonu görüb “Günəşin işıqlı olsun,” deyə yuxulu gözlərlə salamladı. “Görürəm yeriməyi öyrənmisən,” dedi zarafatyana. “Yemək də hazırlamısan?”
“Gecə başımı qatmağa məşğuliyyət lazım idi. Zireh və silahımı tapmadım, onlar hardadı?”
“Onlar burda deyil,” yaşlı həkim gözlənilmədən cavabladı. Yuxudan çoxdandır durduğu gümrahlığından hiss olunurdu. “Onları apardılar.”
“Hara?”
İlisa “Mən gedim üzümü yuyum,” deyərək evdən çıxdı.
“Elə bilirdim bu həqiqəti qəbul etmisən,” deyə qoca ona yaxınlaşdı. “Ya da orada dediyin kimi bu sənin vecinə də deyil.”
Eçso onun nə demək istədiyini başa düşdü. Oringen sınağını keçə bilməmişdi. Əslində bunu özü də təxmin etmişdi, sadəcə indi də olduğu kimi qəbullana bilmirdi. Bütün səyləri, hətta həyatı naminə riskə atdığı sınaq yarımçıq qalmışdı. Birdən Eçsonun ağlına başqa bir şey gəldi.
“Bildiyimə görə on doqquzuncu tapşırıqda silah və zirehi tapan nakrin sınağı başa vurmasa da gələn il qaldığı yerdən öz silah və zirehi ilə davam edə bilər,” deyə fikir bildirdi. “Yanılıram?”
“Yanılmırsan amma…”
“Onda mənim silahımı kim aparıb.”
“Əslində yalnız zirehini aparıblar, silahını özün itirmisən,” deyə qoca düzəltdi. “Onlar sənin zirehini apardılar çünki ruh sağlamlığının hansı səviyyədə olduğunu bilmirlər.”
“Yəni mənim dəli olduğumu düşünürlər?”
“Daha çox iradənin zəif olduğunu düşünürlər.”
“Bəs indi nə olacaq?” deyə Eçso əllərini yana açaraq soruşdu. “Məni qovası deyillər ki.”
Yaşlı həkim bir müddət cavab vermədi. “Əslində biz bunu artıq etmişik,” dedi göz-gözə gəlməkdən qaçınaraq. “Heyətin qərarı səni qeyri-məlum müddətə nakra cəmiyyətindən uzaqlaşdırmaq oldu. Məsuliyyətsizlik, iradəsizlik, çeynədiyin bir neçə qadağa və qeyri sabit emosiya səbəbi ilə.” Yaşlı həkim son cümləsini deyərkən sanki müşahidə heyətinin son qərarını olduğu kimi dilə gətirirdi.
Eçso nə deyəcəyini bilmədi. Buna inanmaq istəmirdi.
“Necə yəni qeyri-məlum müddətə?” deyə çaşqınlıqla qarşı çıxdı. “Bu əsl axmaqlıqdı! Məni qova bilməzlər!”
“Bu o deməkdir ki, dörd ildən tez nakra adı ala bilməyəcəksən. Əgər bu vaxt ərzində qüsurlarını düzəldə bilsən onda ola bilsin heyət sənin…”
Eçso cümlənin sonunu gözləməmiş ayaqqabısını geyindi.
“Dayan, hara gedirsən, indi sənin dalınca gələcəklər.”
Qapıdan çıxan zaman az qala İlisaya dəymişdi. Qadın son anda dəliyə dönmüş iri döyüşçünün yolundan çəkilmişdi.
“Eçso? Baba nə olub?”
Yaşlı həkim, Günəş döyüşçüsünün ardınca qaçıb dayandı. Eçsonun yolunu heyət üzvlərindən biri olan yaşlı ekro arxasında iki təcrübəli nakra ilə birlikdə kəsdi.
“Mənim zirehim hanı?” dedi Eçso. “Onu öz haqqımla qazanmışdım.”
“Öz səhvlərinlə də itirdin,” deyə ekro qarşılıq verdi. “Sənə son ana kimi inanmaq istədim, amma iddiaların təxmin etdiyimiz kimi boş bir illüziyadan başqa bir şey deyilmiş. Qaranlıq Günəş xaricində. Ehtiyatsızlığın bizə baha başa gəldi. Qaranlıq Günəşin sonradan yaradacağı nəticələri heç təxmin belə etmək istəmirəm.”
Eçso səhv etdiyini qəbul edib başını aşağı saldı. Heç nəyə baxmayaraq illüziya adlandırılan hadisənin həqiqət olduğunu ümid etmişdi. Çünki onu düşdüyü vəziyyətdən yalnız bu hadisənin doğruluğu xilas edə bilərdi.
Ekro əlindəki zərfi açıb oxudu. Günəş döyüşçüsünün mümkün olan ən tez zamanda Koran şəhərinə göndərilməyini və hansı güzərgahla göndərilməli olduğunu olduqca aydın yazılmışdı.
“Koran şəhəri üç tərəfi dağla əhatələnmiş, çox güclü müdafiə divarlarına və saysız təcrübəli döyüşçülərə sahib…”
“Həbsxanadı,” deyə Eçso tamamladı. “Məni həbsxanaya göndərirsiniz?”
“Ən böyük həbsxananın orada olduğu oranın…”
“Həbsxana olduğunu mənasına gəlir,” deyə Eçso yenidən onun sözünü kəsdi. “Koran şəhəri haqda çox şey bilirəm. Ora hətta Etrak kimi döyüşçülər üçün belə çıxılmaz qaladı.”
“İş burasındadır ki, biz heç bunun həqiqi olub-olmadığını bilmirik,” deyə yaşlı ekro bildirdi. “Məktub, sən Qaranlıq Günəşi işlədəndən dörd gün sonra gəldi və üzərində baş ustadın möhürü yox idi. Odur ki asanlıqla qaranlıq güclər tərəfindən qurulmuş tələ ola bilər.”
“Məktuba baxa bilərəm?”
Yaşlı ekro etiraz etmədi, zərflə birlikdə məktubu uzadıb gözlədi.
“Bunu Elion göndərib,” dedi Eçso, məktubun yalnız bir neçə hissəsini oxumuşdu. “Və sizə yox mənə göndərib, odur ki məktub şifrələnib.”
“Necə yəni?”
“Sizcə biz, beş ildir açıq-aydın məktubla yazışırdıq?” dedi Eçso. Məktubun əsl mənasının verdiyi həzz üzünə balaca da olsa sevinc gətirmişdi.
Yaşlı ekro yaxınlaşıb məktuba Günəş döyüşçüsünün əlində baxdı. Eçso heç vaxt özündən ayırmadığı şifrələnmə kombinasiyasının yazıldığı kağızı da həmçinin əlində tutmuşdu.
“Belə çıxır o səni mərkəzi şəhərə çağırıb,” dedi ekro, şifrəni o da açmışdı. “Onuncu ay tutulmasında yola çıxmağını istəyir. Yəni dünən.”
Vaxt günortaya yaxınlaşan zaman, Eçso yaşlı ekrodan son təlimatları alırdı. Yağış hələlik yağmasa da heç şübhəsiz tezliklə yağacaqdı.
“Bu məktubu şəxsən Elionun özünə çatdır,” deyə ekro bərk-bərk tapşıraraq qalın zərfi ona verdi. “Bu iki döyüşçü şəxsi mühafizəçilərimdi, səni Eliona təhvil verməmiş qayıtmayacaqlar. Rohaz çayı sahilindəki Rohaz Teh şəhərinə kimi ərzaq karvanı ilə gedib, bir qədər gümüş qarşılığında quldur dəstəsi tutun.”
Eçso alnını qırışdırıb çaşqınlıqla baxdı.
“Hətta Draqzin belə sizi quldurların içində axtarmayacaq,” deyə ekro izah etdi. “Məsləhət görürəm onlara özünüzü şərəfli nakra kimi yox vicdansız oğru kimi təqdim edəsiniz.”
“Başa düşdüm.”
“Bunu al,” deyə ekro Eçsonun çantasına iksir qoydu. “Lazım olan vaxtda əsəblərini sakitləşdirər, başa düşdün?”
Eçso başı ilə təsdiqlədi.
Yol boyu Eçso iki döyüşçü ilə dil tapmaqda çətinlik çəkmədi. Hər ikisi Günəş döyüşçüsünə təsəlli verərək ruhlandırmağa çalışır və təslim olmamağa çağırırdılar. Amma heç biri həqiqəti bilmirdi.
Rohaz çayına söykənən Rohaz – Teh şəhərinə çatıb gecəni orda keçirdilər. Eçso bu şəhərə ikinci dəfədir gəlirdi, lakin bu ərazidəki yer adlarının niyə Rohaz yəni ruh adlandırıldığını indi daha yaxşı başa düşürdü. Günəşin batışı ilə gələn çən, növbəti gün çıxana kimi şəhəri minlərlə ruhun hücumuna uğramış bir xarabalığa bənzədirdi. Səhəri gün istədiklərindən də böyük bir quldur dəstəsi ilə rastlaşdılar. İki nakra dəstəni çox kiçik bir karvana hücum edən zaman tapıb, onlara daha çox maraqlarını çəkən bir təklif etdilər.
Eçso onlara nə kimi bir yalan dediklərini bilmirdi, amma onlara gənc oğru kimi təqdim etdikləri Eçsonun fərqli dildə danışdığını deyib təcrübəsizliyindən qaynaqlana biləcəyi səhvlərin qarşısını aldılar. Nakralar quldurlara həmçinin mümkün qədər az diqqət çəkərək sürətlə irəliləməli olduqlarını da bərk-bərk tapşırmışdılar.
Sirenatdan başlayan yol, on üç gün çəkdi. Mərkəzi Azara yarım gün qalmış quldurlar pullarının qalanını da alaraq gələ biləcəkləri ən uzaq yolun bura olduğunu bildirib geri qayıtmışdılar. Sonra daha asan oldu. Hər üçü yaxınlıqdakı böyük təlim mərkəzlərindən birinə yollanıb iki rat nakra ilə birlikdə Lunar keçidinə, oradan da Mərkəzi Azar şəhərinə çatdılar.
5. Keçmişin izləri
Cahil olmaq istəyirəm
Hər fikirlə razılaşmaq
Hər ağaya boyun əymək
Elionun yeni otağı əvvəlki otağından daha böyük və işıqlı idi. Hündür kitab rəfləri, geniş oturacaqlar və masa. Otağın şərqə baxan hündür pəncərəsindən baxarkən sanki şəhər ayaqları altında idi. Günəşli havada şəhər içində qaynaşan insanlar isə rəngli qarışqaları xatırladırdı.
“Yaxşı görünürsən,” deyə otağına girən zaman səsləndi nakra lideri.
“Günəşiniz işıqlı olsun, ustad Elion,” deyə Eçso dik dayandı.
“Sənin də cavan oğlan,” deyib oturaraq masasını səliqəyə saldı. “Elə dayanma, otur. Danış görək son aylar ərzində nələr etmisən?”
Eçso “Təlimlər,” dedi qısaca. “Mərkəzi Azar daha da gözəlləşib yoxsa mənə elə gəldi?”
Elion təbəssümlə pəncərəyə baxıb “Sən necə düşünürsən?” dedi. “İnsan əli dəyən hər yer elə ya da belə gözəlliyə can atır.”
Hazırda bütöv Azarın yeganə hakimi olan Elionun özünü fəxrlə insan adlandırmağı Eçsonun xoşuna gəlmişdi. Üçlüyün dövründə şəhər gözəl olsa da, daha çox səliqəli görünürdü. İndi isə küçələrdə gəzərkən buralara insan zövqü toxunduğu hiss olunurdu.
“Necəsən Eçso?” hələ də pozmadığı təbəssümlə soruşdu Elion. Eçsonun başını tərpədərək yaxşıyam demək istədiyini görüb, barmağı ilə onun Qaranlıq Günəşi əlcək altında gizlətdiyi sağ əlini göstərərək “Onu nəzərdə tuturam,” əlavə etdi. “Nesenfa başına gələnləri danışdı.”
“Yaxşı… yaxşı olacam. Bilmirəm ustad. Nə baş verdiyini özüm də tam xatırlaya bilmirəm. Hər şey yuxu kimi, daha doğrusu kabus kimi gəlir,” deyə Eçso baxışlarını aşağı saldı. “İnanın ki, bacardığım qədər tab gətirdim. Ölümün son anlarına kimi Qaranlıq Günəşi azad buraxmadım. Qorxum tək ölmək deyildi, mən, bu lənətə gəlmiş zibilin!.. üz istəyirəm ustad. Onun mənimlə birgə yox olacağından qorxurdum. Çünki siz də demişdiniz ki, nə yolla olur-olsun Qaranlıq Günəşin varlığını qorumaq lazımdır. And içirəm ki…”
“Bilirəm Eçso, sənə inanıram.”
“Başqa yolum olsa…”
“Eçso, mənə bax,” qayğıkeş səslə çağırdı nakra lideri. “Üzümə bax. Sənə inanıram. Eşidirsən?”
“Bəli ustad.”
“Sənə bu gücü niyə qadağan etdiyimi yaxşı bilirsən. Səndən əvvəl Qaranlıq Günəşi daşıyanlar ömürlərinin heç onda birini yaşamayıblar. Baxmayaraq ki, bu daşıyıcılar ondan istifadə etmirdilər. Bilirsən niyə?”
Eçso başını tərpədərək “Çünki çox güc tələb edir,” dedi.
“Bəli. Qaranlıq Günəş tək bir istifadə üçün belə ağlasığmaz böyüklükdə həyat enerjisi tələb edir. Sənin niyə istisna olduğunu hələ ki bilmirik, odur ki, idarəni yenidən bərpa et. Və gələn dəfə onu istifadə etdiyini heç kimə demə. Kim olur olsun, fərq etmir. Bəzi ekrolar Qaranlıq Günəşin səndə olduğunu bilsə də heç kim sənin onu istədiyin kimi istifadə edə bildiyindən xəbərdar olmamalıdır. Aydındı?”
“Bəli ustad.”
“Üçlük məhv olsa da onların idarə metodunu dəstəkləyən ekrolar çoxdu. Mən isə təkəm. Məni hələ ki bu mövqedə saxlayan tək səbəb onları qorxudan daha böyük təhlükənin varlığıdır. Sənin əsil gücünü bilsələr, bunu daha bir təhdid kimi qəbul edərlər.”
Eçso başını tərpədərək “Başa düşürəm ustad,” dedi. Bu söhbəti indiyə kimi az qala yüz dəfə etməklərinə baxmayaraq, Elion hər dəfə eyni sözləri təkrarlamaqdan bezmirdi.
Yenə də, Eçso bəzən onun yersiz ehtiyat etdiyini düşünürdü. Hətta o səviyyədə ki, Elion bütün ekroları, Eçsonun onun oğlu olduğuna inandırmışdı. Beləliklə çoxları Eçsonun bu gücü daşımağına qəribə baxmır, artıq suallar vermirdilər. Eçso, ustadının, onun insan olduğu həqiqətini niyə gizlətdiyini bilməsə də nakra liderinin ehtiyatına etibar edirdi.
“İndi isə gələk… hardadı bu,” deyə masadakı kağızları qarışdırdı. “Hə. Sənə söz verdiyim kimi keçmişini araşdırdım,” deyə Elion bir neçə kağız götürdü. “Akun Retinlla-Haxs,” dedi kağızı oxuyaraq “Düzünü desəm bu qədər dərinlərə gedəcəyim heç ağlıma gəlməmişdi.”
Eçso əsl adını eşidən zaman gözlərinin önündə ani olaraq uşaqlığı canlandı.
“Atan ustad qazza dərəcəsinə kimi qalxmış təcrübəli müdafiəçi olub,” deyə Elion davam etdi “Qardaşın və ya bacın yoxdur. Səninlə qan bağı olan yeganə qohumun qırx üç yaşlı xalandı, ancaq ondan da xəbər yoxdur. Götür, keçmişin və ailə ağacın haqda tapa bildiklərim bunlardı.”
Eçso təşəkkür edərək kağızları götürdü. Bir neçə cümlə oxuyarkən atasının döyüşçü olmağından başqa maraqlı bir şey tapmadığını görüb kağızları bükərək bir kənara qoydu. Yorğun olmadığı başqa vaxtları hələ çox olacaq.
“Çətin dövrə girmişik Eçso,” deyə Elion nəhayət qısa sükutu pozdu. “Bildiyin kimi Üçlüyün çöküşündən sonra Raqanı çətinliklə əldə saxlamağı bacardıq. Əgər nakra ordusu olmasaydı çətin ki, Zeldanın qazzalarına qarşı bir şansımız olardı. O, satqın Kölgə təslim olduğu günə kimi bu planı hazırlayırmış. Azara xidmət edəcəyinə and içdiyi gündən hislərim ona güvənməklə axmaqlıq etdiyimizi deyirdi.”
“Görünür bu cür düşünən təkcə siz deyildiniz,” deyə Eçso fikir bildirdi “Ustad Rektan in-Pesl Üçlüyün səbəb olacağı fəlakətlərin qarşısını alacağımı bilsə də sizdən ordu hazırlamağı istəmişdi.”
“Təəssüf ki, onun bildiyi gələcək bununla sonlanır. Daha bir neçə göstəriş çox yaxşı olardı.”
Eçso ağ vidraların məhvindən sonra başlayan o dəhşətli günləri xatırlayıb başı ilə təsdiqlədi.
“Draqzinin izinə hələ düşə bilməmisiniz?” soruşdu Eçso.
“Nə izinə, nə də əməlinə.”
“Bu qədər vaxt gizlənirlərsə ya Ucsuz dənizə qaçıblar, ya da çox böyük bir şeyə hazırlaşırlar,” təxmin etdi Eçso. Hər kəsi gündən-günə daha dərin qorxuya salan da bu idi. Əsrlərdir tanınan ən qəddar düşmən az qala beş ildir ki səssizliyə qərq olmuşdu. Yolunu azmış ürkək ovuna, qaranlıqda səssiz yaxınlaşan vidra kimi.
Elion başı ilə təsdiqləyərək “Buna şübhəmiz yoxdu,” dedi. “Ona görə də daha bir dəstə Kölgə ovçusu hazırlamışam. Bir dəstə çöküşdən əvvəl hazır idi. Yeddi nəfərlik daha bir dəstə tezliklə axtarışa başlayacaq.”
“Bəs birinci dəstə?” Eçso çəkinərək soruşdu. Nədənsə alacağı cavabın xoşuna gəlməyəcəyini düşünürdü.
“Həmin dəstənin doqquz üzvünü beş il əvvəlki döyüşlərdə itirdim. Qalan üç nəfər isə itkin düşüb. Böyük ehtimal onlar da öldürülüb.”
“Sizcə Etrak,” dedi Eçso çəkinərək. Elionun o satqının adını eşitməkdən xoşu gəlmədiyini bilirdi. “Onları tək başına…”
“İnanmıram. Onlar adi döyüşçülər deyildi,” deyə Elion Günəş döyüşçüsünün sözünü kəsdi “Kifayət qədər təlimli və təcrübəli ovçular idi.”
“Bəs Etrak…”
“Məncə bu gün kifayətdi,” deyə Elion söhbətə nöqtəni qoyaraq ayağa qalxdı. Daha çox Etrak barədə eşitmək istəmədiyini bundan səmimi ifadə edə bilməzdi. “Çox uzun yoldan gəlmisən və dincəlməlisən.”
Eçso da həmçinin qalxaraq ailə keçmişi haqqında olan kağızları götürüb, qatlayaraq paltarının içinə yerləşdirdi. Elə bu vaxt baş müşahidəçinin məktubunu xatırlayıb “Bunu sizə göndəriblər,” deyərək məktubu baş ustada uzatdı.
Elion məktubun möhürünə baxıb “Narahat olma,” dedi. “Sınaq nəticəsinə müdaxilə edə bilmərəm amma əlimdən gələni edəcəm. Yenə də hansısa Oringen sınağını keçə bilməməyin səni narahat etməsin. Sən Günəş döyüşçüsüsən, keçilməyi mümkün olmayan bir sınaqdan keçib Azarı xilas etmisən. İnsanlar sənin haqqında mahnılar oxuyur, hekayələr danışır. Necə olduğunu bilmirəm, amma bu qədər gizli saxlamağımıza baxmayaraq beş il içində bütün Azar sənin qəhramanlığından danışır. Bunu unutma, yaxşı?”
“Bəli ustad. Təşəkkür edirəm.”
Eçso otaqdan çıxıb, başını aşağı salaraq pilləkənə doğru addımlayarkən “Kimi görürəm?!” səsinə başını qaldırdı. Qarnı qabağa çıxmış ağ saçlı kişi, qollarını açıb gülümsəyirdi. Sevinclə parıldayan gözləri və qızarmış yanaqları, onu, nəvəsini görmüş qoca babaya oxşatmışdı.
“Ustad Hulda,” sevinclə səsləndi Eçso.
Yaşlı ustadın üzündəki təbəssüm silindi. “Ustad dədəndi!” dedi qaşlarını çataraq. “Sənə deməmişəm mənə əmi denən?”
Eçso onu qucaqlayaraq “Bağışla,” dedi. “Əmi.”
“Bax belə. Bu nə sifətdi? Yoxsa kişi səni yenə danlıyırdı? Yenə nə istiyir sənnən?”
“Heç nə əmi, başqa məsələdi. Eşitdim dörd ay əvvəl səni, yeni qazza lideri təyin ediblər. Təbrik edirəm. Tarixin yüksək vəzifəyə qalxmış ilk insanı, Hulda Baldaş,” deyə Eçso onun adını xüsusi bir həvəslə vurğulamışdı.
“Həə, başdarına dəysin elə vəzifə. Qazza deyil bordağa bağlanmış qaz yığınıdı elə bil. Nə nizam var, nə tərbiyə,” dərdli bir nəfəs dərdi ağbaş qazza lideri. Vəzifəsinə baxmayaraq hələ də köhnə nakra zirehi daşıyırdı. “Günümə bax, dörd aydı o çobanlara etiket dərsi keçirəm. Meşədən çıxıblar eləbil.”
Eçso öncə gülümsədi, sonra özünə hakim ola bilməyib az qala qəhqəhə çəkməyə başladı.
“Gülmə, iki günə qayıtmalıyam son bir həftədir, hər gecə onun kabusunu görürəm… demirəm gülmə!”
“Yaxşı-yaxşı gülmürəm,” deyib Eçso gözünün yaşını sildi. Çoxdandır bu qədər gülməmişdi. “Mən burda yataqxanada olacam, gedəndə xəbər et görüşək.”
“Baş üstə. Bu üzünü də qırx. Dədənin yanına belə giribsən?!”
“Şəhərə indi gəlmişəm, vaxtım olmadı.”
“Üz qırxmağa həmişə vaxt var. Ax cavanlar, hər şeyə bəhanəniz var. Yaxşı get,” başı ilə Elionun otağını işarə edib “İçəridə təkdi?” soruşdu.
“Təkdi əmi, gir. Sonra görüşərik.”
“Görüşərik.”
Yenidən Mərkəzi Azar küçələrinə çıxan zaman üzündəki təbəssüm hələ də silinməmişdi. Eçso başını qaldırıb ağ bulud topalarına baxaraq nəfəs dərdi. Günəşin aydın parıltısında payızın ilıq sərinliyi hiss olunurdu.
Eçso nakrin yataqxanasının yerləşdiyi şəhərin şimal-qərb hissəsinə yönəldi. Axırıncı dəfə orada üç il bundan əvvəl qalmışdı. Müşahidə heyətinin qərarına baxmayaraq, Elion rəsmi olaraq onu xidmətdən və hüquqlarından azad etməmişdi.
Dairə formasında düzülüb oyun oynayan bir neçə uşağın arasından keçərək geniş meydana çıxdı. Belə meydanlar şəhərin bir çox yerində salınmış istirahət parkı kimi görünsə də həm də qonaqları bu qarışıq şəhərdə azmaqdan sığortalayırdı. Çünki bütün əsas yollar və bir çox küçələr bir meydanda başlayıb digərində sonlanırdı.
Bu meydanları vacib edən digər bir özəllik isə, hər birinin mərkəzində qurulmuş geniş elan lövhələri idi. Təzə qurulan zaman əsas vəzifəsi əhaliyə məlumat çatdırmaq olan, elan lövhələri, zaman içində daha bir funksiya qazanmışdı. Artıq insanlar da bu lövhələrə öz elanlarını yerləşdirir, axtardıqları malları, itən əşya və hətta yaxınları üçün yardım diləyirdilər, əlbəttə müvafiq mükafat qarşılığında.
Eçso meydana çıxışı olan altı küçədən birinə girib mübahisə edən gənc bir cütlüyün yanından keçib, dərzidən gülüşərək çıxan qızlara yol verdi. Təbəssümlə geri, qızlara baxdı və yol kənarı skamyada oturmuş başqa bir qızın yanından…
“Eçso?!”
Eçso cəld dayanıb skamyadan qalxan nakra zirehli gənc qızı gördü. “Selley?” Onu bir az gec tanımışdı. Boyu Eçsonun çiynindən olduğu üzün ona az qala yuxarıdan aşağı baxırdı.
“Xoş gördük,” dedi gənc qız. Sonsuz sevincini qürurla gizlədir, lakin geniş təbəssümü və ulduz saçan gözləri onu ələ verirdi. “Dəyişmisən.”
“Xoş gördük Selley.” Bu gənc qız üçün nə qədər darıxdığını hələ indi xatırlamışdı. “Sən də… Əla görünürsən.”
Hələ təliminin ilk günlərində tanış olduğu qızı bir ildən çoxdur ki, görmürdü. Yumru balaca sifəti və iri gözləri ilə Eçsonun xatırladığı kimi qalmışdı.
“Görürəm saçını uzatmısan,” dedi Eçso. Bir çox döyüşçü qadınlardan fərqli olaraq açıq şabalıdı saçı kürəyinə tökülürdü. Eçso saç uzatmaq üçün onun təlimçilərə nə qədər dil tökdüyünü yaxşı xatırlayırdı.
Selley saçına sığal çəkib “Hə,” dedi. “Necədi? Daha oğlan uşağına oxşamıram ki?”
Eçso gülüb “Qətiyyən,” deyərək yaxasındakı rizanmaq nişanına baxdı. Gümüşdən hazırlanmış gözəbənzər nişan, ona Aqreni xatırlatmışdı. “Deməli nəhayət bacardın, təbrik edirəm. Rizanmaq olmaq necə hissdi?”
Selley qollarını açaraq “Özümü dünyanın ən xoşbəxt insanı kimi hiss edirəm,” dedi sevinclə. “Bəs sən? Eşitdim, Oringen sınağına girmisən. Bizimkilər qısqanclıqdan partla… Eçso?”
Bir müddət sonra Eçso və Selley nakrin yataqxanasının həyətində, ağacın altında oturmuşdular. Fəslin son günlərini yaşayan yaşıl otlar, bağçaya dinləndirici bir gözəllik verirdilər. Zəif külək, saralmış yarpaqları bir neçə addım sürüyüb, dayanır sonra yenidən əsərək həzin bir xışıltı ilə onları daha da irəli aparırdı.
Eçso başından keçənləri bir çox detalları gizlədərək də olsa danışıb, niyə nakra zirehi geyinmədiyini və arzuladığı kimi gümüş döyüşçü nişanı taxmadığını izah etmişdi.
“İnana bilmirəm ki Braqlejin ölüb.” Gənc rizanmaqın belə bir hekayə gözləmədiyi çaşqın baxışlarında yaxşı əks olunurdu. Sonra qəfil üz cizgiləri dəyişərək “Elə yaxşı olub,” dedi. “Başqalarına bu cür rəftarla o, özünü bəyənmiş uzundrazı əvvəl-axır kimsə öldürməli idi.” Bununla da hirsi soyumayan Selley, çətin anlaşılan şimal qəbilə ləhcəsində dodaqaltı deyinməyə davam etdi. “İndi nədi? Buna görə səni kənarlaşdırıblar? Deməli səni həbsə də ata bilərlər?!”
Eçso çiynini çəkərək “Çətin ki,” dedi. “Şübhə mənim üzərimdə deyil. Sadəcə sınağı vaxtında və düzgün tamamlaya bilmədim.”
“Hə, amma sənə o uzundraz mane olduğu üçün. Bunu onlara desən sənə…” dayandı Selley. “Onda da səni bir nömrəli cinayət şübhəlisi kimi həbs edə bilərlər.”
Eçso başını tərpədərək “Bəli,” dedi. Başqalarına danışmalı olduğu yalanı, evində qaldığı həkim ona ətraflı izah etmişdi. “Həmçinin içdiyim iksirlər sınaq boyu bəzi illüziyalar görməyimə səbəb olmuşdu. Bu da ağıl sağlığımda bəzi şübhələrə yol açdı. Nakra heyətinin belə şeylərə necə həssas olduğunu yaxşı bilirsən.”
“İlahi, bəs… bəs indi nə olacaq?”
“Selley, bu haqda daha danışmaq istəmirəm,” deyə Eçso nəhayət söhbəti dəyişdi. İnsanların gözlərinə baxaraq yalan danışmağın ona bu qədər işgəncə verəcəyini təsəvvür etməmişdi. “De görüm sən burda nə gəzirsən? Axırıncı dəfə səni Şaxlakas Teh təlim mərkəzində görmüşdüm.”
“Sınaq nəticəm çox yaxşı çıxdı, təyinatımı bura verdilər.”
“Təbrik edirəm.”
“Sağ ol. Deyirlər bu cür davam etsəm ən gec bir ilə dərəcə veriləcək.”
Eçso sevincini göstərmək üçün Selleyin əlindən tutdu. Bunu əvvəllər çox etsə də, gənc qızın yanaqlarının qızardığını görüb əlini geri çəkdi.
“Təlim vaxtı hər kəs sənin paxıllığını çəkirdi,” deyə Selley gözlərini qaçıraraq bildirdi. Həyacanını gizlətmək üçün mövzu axtarırdı. “Yadında, hər kəs sənin bir gün insan irqinin ən güclü nakrası olacağından danışırdı. Hətta bəziləri sənin yarımqan olduğunu düşünürdü.”
“Yadımdadı,” dedi qısaca Günəş döyüşçüsü. Bu söhbətin hara getdiyini təxmin edib “Eşitdim Günəş döyüşçüsü şəhərə gəlib,” dedi qəfildən.
“Nə? Bəsdir Eçso, demə ki, sən də bu nağıllara inanırsan?”
“Niyə də yox? Ona çoxları inanır,” bildirsə də ümumiyyətlə insanların bu nağıla nə dərəcədə inandığı haqda az məlumatı vardı.
Selley qarşı çıxmaq istəmədi. Baxışları Eçsonun gözlərinə hər sataşanda qəlbi az qala dayanırdı.
“Yenə də burada olsaydı onun varlığını hiss edərdim,” deyə gənc rizanmaq bildirdi “Deyilənlərə görə o bir göz qırpımında minlərlə kabus vidrası öldürüb. Əgər həqiqətən belədirsə, onun varlığını ən az iki şəhər uzaqdan hiss etməliydim.”
Həmin hadisədən sonra orda-burda bir neçə dəfə görünən ağ vidralar, xalq tərəfindən kabus vidra kimi adlanaraq, bəzi nağıllarda Günəş döyüşçüsünün əsas düşməninə çevrilmişdi. Hətta bəzi yerlərdə, cəmi iki həftəlik ömrü olan bu vidralar Günəş döyüşçüsündən daha məşhur olmuşdu.
“Ümumiyyətlə heç nə hiss etmirsən?”
“Qətiyyən.”
Eçso, onu narahat edən daha bir sualına axtardığı cavabı tapmışdı. Qabiliyyətinə şübhə etmədiyi rizanmaqa bu qədər yaxın durmağına baxmayaraq Qaranlıq Günəş onu narahat etmirdi. Heç olmasa bu lənəti yenidən tam idarə altına aldığı üçün sevinmişdi.
“Burda neçə gün qalacaqsan?”
“Dəqiq bilmirəm,” dedi Eçso. “Ola bilsin bir neçə gün, bəlkə də ay.”
“Gedəsi olsan mənə xəbər edərsən yaxşı?”
Eçso qalxaraq “Mütləq,” dedi. “İndi getməliyəm, sonra görüşərik.”
“Yaxşı.” Selley də qalxmışdı. “Burda, yataqxanada qalırsan?”
“Hə.”
“Yaxşı. Məni axtarsan, bu tərəfdə, altıncı məhəllədə anamla qalıram. Sabun dükanının yanında, bir mərtəbəli, sarı ev. Hətta sabah gəl qonağımız ol. Səni anamla tanış edim.”
Eçso, gənc rizanmaqla vidalaşıb yataqxanaya girərək otağına qalxdı. Özü ilə gətirdiyi bütün əşyaları, yatağının yanında idi. Şəhərə gələn zaman birinci burda özünə otaq tapıb, sonra getmişdi idarə binasına. Nakra cəmiyyətindən uzaqlaşdırılmağına baxmayaraq onun burda qalmağına heç kim səs çıxarmamışdı.
Ümumiyyətlə Eçsoya nadir hallarda etiraz edirdilər. Eçsonun nakra liderinin oğlu olduğu yalanını yuxarı təbəqə ekrolar bilsə də, insanlar arasında bu haqda sadəcə dedi-qodular fırlanırdı. Ancaq bu belə kifayət edirdi ki, Elionun ona olan marağını və səhvən işlədə biləcəyi sehri izah etmək mümkün olsun.
Eçso ona verilən otağa girib çarpayıda əyləşdi. Yataqxanadakı bütün otaqlar və onların quruluşu demək olar ki, eyni idi. İki mərtəbəli iki yataq və bir-birinə birləşdirilmiş iki masa. Dərs vaxtı olduğu üçün otaq boş idi.
Eçso uzanıb, cibindən kağızları çıxardı ailəsi haqda oxumağa başladı. Oxuduqca yorğunluq üstün gəldi və ağırlaşan göz qapaqları ondan xəbərsiz örtüldü.
Üzünü gizlədən dərin başlığı ilə muzdlu geyimində bir yad, mehmanxanaya girib asta addımlarla ən sakit guşədə tək oturdu. Mehmanxanaya bədbin bir qaranlıq çökmüşdü. Bunu ört-basdır etmək üçün masalara qoyulmuş tək mum, içəri sarımtıl və çox kölgəli bir görünüş verirdi. Daim əks olunan qəhqəhəli gülüş səsləri, musiqisiz oxunan mahnının səsinə qarışmışdı. Yad adam xüsusi ilə oturduğu bu yerdən, mehmanxananın giriş və çıxışları aydın görünürdü. Yad, qaranlıqda tamam görünməz olmaq üçün masasında yanan şamı üfürdü. Kapyuşonun altından parıldayan gözləri əylənən insanların arasında tanıdığı bir şəxsi axtarırdı. Uzun müddətdir gizlənməyi bacaran lazımlı bir şəxsi.
Həddindən artıq kök bir qadın yad adamın masasına yaxınlaşıb “Şamınız sönüb. Qoy yandırım,” dedi. Geyimindən və kirlənmiş önlüyündən buranın işçisi olduğunu bilmək çətin deyildi.
Yad adamın bir tərs baxışı qadını həmin an fikrindən daşındırdı. Topa bənzəyən bədənini oturacaqlara vura-vura oradan uzaqlaşıb, başqa müştərilərin çağırışına qaçdı.
Səs küylü mahnı və gülüş səsləri qısa müddətliyinə dayandı. Çöldən gələn yağış səsi şiddətini azaltmışdı. Ancaq ildırımlar heç səngimək bilmirdi. “Bəlkə də evinə qayıdıb,” düşündü Yad. Sonra arxaya söykənib gözləməyə başladı. Gecənin istənilən saatı gələ bilərdi. Gəlməsə ildırımların kölgələrində gizlənmiş adamlarının onu əvvəl-axır tapacağına şübhə etmirdi.
Bayaqkı kök qadın çox qorxmağına baxmayaraq əlində pivə və doğranmış heyva ilə geri qayıtdı. Bu mehmanxananın qaydalarından idi. Heç kim, hətta təhlükəli methalar belə Lem – Tokra pivəsi ilə doğranmış heyvaya yox deyə bilməzdi. Yoxsa bir insan mehmanxanada niyə otursun?!
Kök qadın əlindəkiləri masaya qoymaq üçün yaxınlaşarkən qorxu dolu gözlərini üzü görünməyən yad adamdan çəkməmişdi. Yumru, qırmızı yanağından və alnından tər axırdı. Yavaş-yavaş əyilib öncə heyvanı sonra pivəni qoydu, gözləri hələ də kapyuşonun içindəki qaranlığa kilidlənmişdi. Yadın başını qəfil çevirməyi ilə qadın incə bir çığırtı saldı və ayaqlı top kimi önünə çıxan stulları aşıraraq oradan uzaqlaşdı. Bu, orda olan az adamın diqqətini çəkmişdi. Onlar da qəhqəhə ilə gülüb qəribə əyyaş rəqslərinə davam etmişdilər.
Mehmanxananın qapısı bu dəfə bir az fərqli açıldı. Başqaları yağan yağış səbəbi ilə özünü dərhal içəri atarkən o, ehtiyatla girərək hər bir adamın gözünə şübhə ilə baxırdı. Bütün bədəni su, ayaqları palçıq içində olmağına baxmayaraq onu narahat edən başqa bir şey vardı.
Yad adam ovunun toruna düşməyini güdən hörümçək kimi onun üzünün işığa çıxmağını gözlədi. Axtardığının o olduğunu dəqiq bilirdi, ancaq ekrolar üçün ən vacib şeylərdən biri sayılan əmin olma istəyi üstün gəldi. Ovu öz simasını artıq göstərmişdi. Ətrafındakı insanların gözlərinə baxmaqdan ayağının altına baxmağa imkan tapmırdı. Hər dəfə nəyəsə ilişir, kiməsə dəyirdi. Sonra toqquşduğu daha bir neçə nəfərdən üzr istəyərək mehmanxana sahibinə yaxınlaşdı. Yad onun gecələmək üçün yataq istədiyini bilirdi. Ancaq bütün otaqlar və yataqlar çoxdan dolmuşdu.
Yad adam qalxaraq ona doğru addımlamağa başladı. Görünməyi və adamın şübhəsini çəkməyi işığa çıxdıqdan yalnız bir neçə döyüntü sonra baş vermişdi. Adam ürkək baxışlarla ona baxan zaman gözlərini görməsə də içini bürüyən qorxunun mənasını tez anlamışdı. Vaxt itirmədən qarşısına çıxanı itələyib özünü çölün yağışlı havasına atdı. Onu xilas edəcək yolun hansı tərəf olduğunu bilmirdi, belə bir yolun varlığına belə şübhə edirdi. Dondurucu küləyin əksi istiqamətində, kəndin çıxışına doğru qaçmağa başladı.
Şimal dağlarının ətəyi sayılan Tehlaş təpəliyində kiçik bir qəbilənin az tanınan kəndinə qaçmağın yaxşı fikir olduğunu düşünmüşdü. Görünür yanılıb. Onu burada lap çoxdan gözləyirdilər.
Küçələr işıqsız, yer yöndəmsiz idi. Arxasına baxaraq qaçarkən dəfələrlə yıxılmış, bütün paltarı palçıq içində qalmışdı. Ara-bir şaqqıldayan ildırımların ağ işığı dolaşıq yolları və bir-birinin eyni olan evləri ani olaraq işıqlandırırdı. Çarəsizlikdən yerində donub qalan adam hər parıltıda gördüyü kölgələrin getdikcə yaxınlaşdığını hiss edirdi.
“Qaçışın mənasızdı,” bir neçə addım gerisindən kapyuşonlu yad səsləndi “Bunu özün də bilirsən.”
Adam çevrilib zil qaranlığa baxdı. Onu görmək üçün növbəti ildırımın çaxmağını gözləyirdi.
“Sənin üçün lazımından artıq vaxt itirdik,” deyə yad palçıqlı yolda addımlayaraq bildirdi. Ayaq səsləri demək olar ki eşidilmirdi. “Mənə sənin həyatın lazım deyil, bunun üçün özümü yormaram bilirsən. Mənə bildiklərin lazımdı.”
İldırımın işığı yenidən küçəni aydınlatdı. Adam, kapyuşonlu yadın arxasında qara paltarlı bir neçə döyüşçü gördü. Öz arxasında daha bir neçəsi olduğuna şübhə etmirdi.
“Nə istədiyinizi bilirəm,” dedi adam. “Amma digərləri kimi mənim də bu haqda məlumatım yoxdu.”
Yad daha da yaxınlaşdı. İndi aralarında heç, bir, addım da yox idi.
“Bəs onda niyə gizlənirsən?”
İldırımın ani işığı kapyuşonlu yadın üzünü aydınlatdı. İnsanın içini donduran o gözlər… başqa heç nə bu qədər qorxulu ola bilməz.
“Bir-birimizi yaxşı tanıyırıq Etrak,” deyə adam bütün cəsarətini toplayaraq bildirdi. Onu, simasından əvvəl səsindən tanımışdı. “Həyat Sandığı haqda nə isə bilsəydim, siz bilməyəsiniz deyə özümü çoxdan öldürərdim.”
Etrak yumruğunu sıxdı.
“Bu gümüşü gözlərin nə mənaya gəldiyini yaxşı bilirəm,” dedi adam.
Gecənin qaranlığında çox qısa bir qışqırtı eşidildi. Yenidən ildırım çaxan zaman nə Etrak, nə də digər döyüşçülər orada deyildi. Yalnız qara alovlar içində yanaraq külə dönən bir cəsəd qalmışdı.
6. Qovulmuş nakra yoxsa metha
Ümidsizlik hiss edirəm
İçimdəki dərin boşluq
İşıq saçan qara günəş
Yuxudan durmaq getdikcə çətinləşir, yataqdan qalxmaq isə hər gün daha da əzablı gəlirdi. Eçsonun Mərkəzi Azar şəhərinə gəlişindən artıq iki ay keçmişdi. Keçirdiyi ruh düşkünlüyü və yataqxananın ondan, dərslərə və idmana qatılmaq haqda tanıdığı azadlıq Günəş döyüşçüsünü yatağan bir tənbələ çevirmişdi. Pulu artıq tükənməyə başlamışdı və uzun müddətdir ki, addımını yataqxanadan çölə atmırdı.
Eçso yataqdan qalxıb ərincək addımlarla əlüzyuyana yaxınlaşdı. Qabdakı suda öz əksini görüb bir müddət seyr etməyə başladı. Baş ağrısı kefsiz yanaqlarında və qızarmış gözlərində əks olunurdu. Bir aya yaxındı qırxmadığı tüklü üzü qaşınırdı və bədəni hədsiz dərəcədə əzgin idi. Üzünü yuyub, yataqda oturdu. Qarnı acmışdı. Səhər yeməyinə çoxdan gecikdiyini bilirdi, amma ola bilsin günorta yeməyini də qaçırmışdı.
Paltarını geyinib yeməkxanaya endi. Adətən Eçso yeməyini ya nakrinlər yeməyə gəlməzdən əvvəl, ya da getdikdən sonra yeyirdi. Hər şeyi öyrənməyə maraqlı yeniyetmələrin suallarına və baxışlarına səbri çatmırdı. Demək olar ki, heç kimi tanımırdı, heç kimlə əlaqə saxlamırdı. Bir vaxtlar evi kimi gördüyü bu yerdə uğursuz bir yad kimi hiss edirdi özünü
Bu dəfə günorta yeməyinə gecikməmişdi. Yeməkxanada aşpaz və bir neçə işçidən başqa heç kim yox idi. Bu hadisəyə artıq öyrəşməyə başlayan aşpazlar Eçsonu görən kimi onun yeməyini çəkib, çörəyini verdilər. Bu tənbəl gəncin varlığına artıq hər kəs öyrəşməyə başlayırdı. “Heyf belə gəncdən.” Bu sözü heç kim onun üzünə deməsə də, Eçso bunu hər birinin gözlərində oxuyurdu. Hətta indi də o, arxasını çevirən kimi pıçıldamağa başlayırdılar. Bu Eçsonu çox yaralayırdı. İnsanların üzünə əvvəlki kimi tez-tez baxmasa da, onun haqda düşündüklərini yaxşı bilirdi. Özündən nifrət etməyi üçün başqa bir səbəb daha yaranmışdı.
Oturub, yenicə bişmiş qaynar şorbadan bir neçə qaşıq içdi. Dadı həmişəki kimi ləziz olmağına baxmayaraq bu ona əvvəlki kimi həzz vermirdi. Bayırdan səslər eşidilməyə başladı. Yemək vaxtı gəlmişdi. Qısa müddətdə qızlı-oğlanlı gənc nakrinlər içəri doluşaraq yeməklərini götürməyə başladılar. Hərəkət və davranışlarında nakra intizamı olsa da çox danışırdılar və gülüşləri Günəş döyüşçüsünün əsəblərinə toxunurdu. Durub getmək istəsə də artıq gec idi. Həm də çox acmışdı.
Nakrinlərin gülüş və söhbətləri Eçsonu görməkləri ilə pıçıltılara dönüşürdü. Yeməkxananın zalına qısa müddətdə hiss olunacaq dərəcədə səssizlik çökməyə başladı. Gənclərin təəccübü oturmaq üçün yer axtarmağa gəldikdə tərəddüdə dönüşürdü. Bəziləri maraq üçün ona daha yaxın oturmaq, bəziləri isə kənarda durmağa üstünlük verirdi. Adətən arxa tərəflərdə özlərinə yer ayırmış qızlar belə onu daha yaxından görmə şansını əldən buraxmaq istəmirdilər.
Bütün fikrini yeməyinə verən Eçso, ona baxan gözlərə fikir verməməyə çalışırdı. Qarşısında oturan gənc, bir otağı bölüşdüyü nakrinlərdən biri olmağına baxmayaraq onunla da danışmadı. Yeməyini bitirib, qaçar addımlarla yeməkxanadan çıxdı.
“Tək qalmalıyam,” dedi öz-özünə. Sonra həyatının son iki ayında onsuz da tək olduğu ağlına gəldi. Bəlkə də məsələ burada idi. Təklik.
Eçso yataqxanadan çıxıb bağçaya keçdi. Son həftələr havanın necə soyuq keçdiyini unutmuşdu. Payız yerini yavaş-yavaş qışa verməyə hazırlaşırdı. Ağaclar tamam lütlənmiş, yer qurumuş otlarla sarı rəngə bürünmüşdü. Hava küləkli olmasa da ara-bir qalxan əsinti insanı üşütməyə kifayət edirdi.
Ən uzaqdakı oturacağa tək oturdu. Bağçada demək olar ki, ondan başqa heç kim yox idi. Harada səhv etmişdi? Niyə heç kim onu qəbul etmək istəmirdi? Niyə onun həqiqi üzünü tanıyanlar ona üz döndərmişdilər? Ən əsas da Elion ondan niyə uzaqlaşırdı?
Günəş döyüşçüsü bu iki ayda Elionun yanına bir neçə dəfə getmiş, lakin baş təlimçi müxtəlif bəhanələrlə onunla görüşmək istəməmişdi. Bundan başqa onun Mərkəzi Azardakı təlimçiləri də Eçsodan qorxulu bir xəstəlik kimi qaçırdılar. Heç bir ekro onunla söhbət etmək istəmir, məcbur qaldıqda suallara qısa cavablar verərək ondan qaçmaq üçün bəhanə uydururdular.
Səbəb çox ehtimal ki, Qaranlıq Günəş idi. Sirenatda olanlar ucbatından artıq ona əvvəlki kimi güvənmirdilər. Bəlkə də idarəni yenidən itirəcəyindən qorxurdular. Əgər bu baş versə bir neçə döyüntü içində bütün şəhəri məhv edə bilərdi.
Eçso üşüdüyünü hiss edib, ayağa qalxdı, çox nazik geyinmişdi. Əlləri cibində ağacların arasında gəzərək keçmiş günləri xatırladı. Raqada başlayıb şimalda keçən uşaqlığı yenə Raqada qorxuyla dəyişmişdi. Uşaqlıq xəyallarını bəzəyən o güclü döyüşçüyə, hətta xəyal gücünün belə çatmadığı mistik qüvvəyə qovuşsa da özünü çarəsiz və zəif hiss edirdi. Sanki içindəki qaranlıq azad ruhunu zəncirə vurmuşdu. Yaxşı olan hər şeydən uzaqlaşmağa başlamışdı.
Yataqxanaya qayıdıb içəri girdi.
“Günəşin işıqlı olsun.”
Eçso iki addımlığından keçib az qala onu görməmişdi. Yaxşı ki Selley buna fikir vermədi. Gənc rizanmaqın üzünə yayılan böyük gülümsəmə Eçsonun halını görən kimi yox olmuşdu.
“Yaxşısan?”
Eçso başı ilə yaxşı olduğunu bildirdi, amma bunun kifayət etməyəcəyini bilirdi. Birinci ayda tez-tez görüşsələr də son iki həftədir ki, onu görmürdü.
“Burda kimi axtarırsan?”
Selley gülərək “Kimi axtaracam,” dedi. “Əlbəttə səni. Çöldə söhbət edə bilərik?”
“Çöl soyuqdu, gəl otağa çıxaq.”
Gənc rizanmaq qaşlarını qaldırıb təəccüblə baxdı.
Eçso əlini alnına vurub “Bağışla,” deyə üzr istədi. “Buranın yataqxana olduğu həmişə yadımdan çıxır. Burda gözlə, bir şey geyinib gəlirəm,” deyib pilləkənlə otağına çıxdı.
Bir müddət sonra hər ikisi şəhərin qərbə uzanan mərkəzi küçəsi ilə gedirdilər. Eçso içinə düşdüyü vəziyyətdən bir az olsun uzaqlaşmaq üçün bu fürsəti dəyərləndirməyin yaxşı fikir olduğunu düşünmüşdü. Üzünü qırxıb saçını qaydasına salmış, təmiz paltarlarından axırıncısını geyinmişdi.
“İnana bilmirəm ki sənlə bu cür rəftar edirlər,” dedi Selley. “Onlara nə qədər yaxşı olduğunu dəfələrlə isbat etmisən, özü də aldığın qısa təlimə baxmayaraq. Onlar isə… Deyirsən ustad Elion da müşahidə heyətinin qərarına təsir edə bilmədi?”
Eçso sadəcə başını yellədi. Elion, hazırda Azarın tək hakimi olsa da bu vəzifəsi tam rəsmi deyildi. Üçlüyün ölümü haqda yalnız yüksək təbəqə hakimiyyətin xəbəri vardı və çoxları Elionu müvəqqəti baş idarəçi kimi qəbul edirdi. Köhnə hakimiyyəti dəstəkləyən ekrolar isə onu dəyişmək üçün bəhanə axtarırdılar. Belə bir vəziyyətdə Elionun, onun səhvlərini yuyaraq bütün Azarı təhlükəyə atmağını Eçso da istəmirdi.
“Daha bu haqda danışmaq istəmirəm,” deyə Günəş döyüşçüsü bildirdi. Söhbəti lap çoxdan bağlamaq istəyirdi. “Onsuz da köməyi olmur.”
“Bəs indi nə etmək fikrindəsən?”
“Bilmirəm, bəlkə bir iş tapdım. Otlardan yaxşı başım çıxır. Xenera, bir neçə il sonra isə həkim ola bilərəm.”
“Həkim!” Selley dayandı. “Bu qədər əziyyətdən keçmisən ki, həkim olsan?”
Eçso onun təəccübünə cavab vermədi. Yeriməyə davam edərək gənc rizanmaqın çatmağını gözlədi “Bu mənim də istədiyim şey deyil, amma nə edə bilərəm? Mənim ordenimi aldılar,” deyə səbirlə bildirdi “Kağız üzərində nakrin olduğum yazılsa da, silah daşıma ordenim qüvvədən düşüb.”
Mərkəzi qərb yolunun sonuna çatıb, qərb meydanına girdilər.
“Mən də elə buna görə səninlə görüşmək istəyirdim,” deyə Selley, Eçsonu çəkərək boş skamyalardan birində oturdular. “Mənə sənin köməyin lazımdı. Təzə tapşırıq götürmüşəm, amma düyüşçüsüz onun öhdəsindən gələ bilmərəm.”
“İstəyirsən silahdaşın olum?”
Selley gülümsəyərək başını sürətlə silkələdi.
“Bu mümkün deyil. Mənim ordenim ləğv edilib, lap edilməsə də tapşırıq götürmək üçün nakra dərəcəsi lazımdı.”
“Təkcə nakralar tapşırıq götürə bilər?”
“Bir də methalar, amma mən heç biri deyiləm.”
Selleyin gülüşü daha da böyüdü. Zərif dodaqları arasında ağ dişləri göz qamaşdırırdı. Eçso onun niyyətini həmin an anladı.
“Yox,” deyə o an inkar etdi Eçso. “Metha olmaq fikrində deyiləm. Həm də sən nakra dərəcəsini yeni almısan, tapşırığa metha ilə getmək nüfuzunu zədələyər.”
“Nüfuz fikirləşmək vaxtı deyil. Durub mənə təklif etdikləri gicbəsəri silahdaş kimi qəbul etməyəcəm. Tapşırıq zamanı məni qoruyacaq döyüşçüyə ehtiyacım var. Həyatımı etibar edə biləcəyim əsl döyüşçüyə.”
Eçso nə deyəcəyini bilmədi. Gənc qızın səmimiliyi və fədakarlığı ona təsir etmişdi. Bir nakranın tapşırığa metha ilə getməyinə mühafizə və idarə heyətinin, hətta xalqın münasibətini yaxşı bilirdi. Buna zəiflik kimi baxılırdı.
“Onu görürsən?” deyə gənc rizanmaq Eçsoya elən lövhəsini göstərdi.
Gənc bir qadın əlindəki kağızı yapışdırmaq üçün lövhə üzərində boş yer axtarırdı.
“Bizimkilər bura köçəndə mənim altı, qardaşımın doqquz yaşı var idi. Bunu sənə danışmışam?”
Eçso başını tərpədərək “Hə, Yuxarı Baratul qəbiləsindən olduğunu demişdin,” bildirdi. “Səhv etmirəmsə atan və qardaşın sən balaca olanda itkin düşmüşdü hə?”
“Hə. Paytaxta gəldiyimiz il qardaşım itmişdi, sonra isə onu axtarmağa gedən atam. Anam o vaxt elan lövhəsinə tapşırıq yerləşdirsə də onu heç kim qəbul etməmişdi. Hər kəs çox vaxt keçdiyini və onları canlı tapmağın mümkün olmadığını bildirmişdilər. Hakimiyyət isə o vaxtlar cəsəd axtarışına mükafat ayırmırdı. Anamın məni mühafizə heyətinə təlim üçün verməyinin əsas səbəbi də elə bu olmuşdu. Çünki ümid qorumaq, həyat qorumaq qədər vacibdir,” qəmgin baxışlarını elan lövhəsindən çəkib, təbəssümlə “Bəlkə də mənim böyüdükdən sonra onları axtarmağımı istəyib,” bildirdi.
“Yaxşı, nə deyirsən, metha ordenini alacaqsan?” Eçsonun ağzının istəksiz açıldığını görüb “Bircə yox demə,” barmağını qaldıraraq onu qabaqladı. “Heç olmasa bu haqda fikirləş. Amma çox fikirləşmə, tapşırıq çox təcilidi.”
“Yaxşı Selley.”
“Söz verirsən?”
“Fikirləşməyə, hə. Amma çox ümid…”
“Əla!” deyə Selley yerindən qalxıb “İndi mən getməliyəm,” dedi. “Gənc rizanmaqlar üçün bir azdan təlim mərkəzində yığıncaq başlayacaq. Məni ötürərsən?”
Təlim mərkəzi şəhər mərkəzindən uzaqda yerləşdiyi üçün Eçso gənc qızı ötürüb, yataqxanaya qayıdana kimi hava qaralmışdı. Otağında tək oturan Günəş döyüşçüsü, Selleyin təklifi haqda düşünürdü. Gənc qızın səmimi yardım təklifi qarşısında, ona birbaşa yox deyə bilməmişdi. Amma əslində bu təklifi heç dəyərləndirmək də istəmirdi. Bu qədər əziyyətdən sonra nakra kimi şərəfli bir peşə dura-dura muzdlu döyüşçü olmaq fikrində deyildi. Elionun bütün gücü ilə ona kömək edəcəyindən əmin idi. Nəhayət sabah tezdən, Elionla söhbət etmək qərarına gəldi.
Səhəri gün Eçso lap tezdən oyanıb, şam işığında üzünü qırxıb saçını səliqəyə saldı. Çox həyacanlı idi. Nə olur olsun bu gün Elionla danışmalı idi. Hətta axşama kimi gözləmək lazım gəlsə də heç olmasa silah daşıma ordeninin bərpası üçün bir şans istəyə bilərdi.
Yola çıxanda hava hələ təzə aydınlanmağa başlamışdı. Yol boyu söyləyəcəklərini dəfələrlə məşq etdikdən sonra idarə binasının qapısı ağzında dayandı.
“Eşidirəm,” dedi qapıdakı iki nakradan biri. “Nə kömək lazımdı?”
Eçso bir az təəccübləndi. Əvvəllər belə şeylər olmurdu.
Onun bu təəccübünü görən döyüşçülər “Son zamanlar artan təhlükə səbəbindən içəri icazəsiz heç kim buraxılmır,” deyə izah etdilər. “Adınızı və görmək istədiyiniz bölməni deyin.”
“Eçso es-Xenera,” deyə bildirdi Günəş döyüşçüsü “Ali idarə bölməsindən baş ustad Elionla görüşmək istəyirəm.”
Hər iki döyüşçü bir an duruxub, bir-birilərinə baxdılar və biri içəri girdi. Qısa müddət sonra geri qayıdan döyüşçü “Ustad Elion sizi gözləyir,” deyə qapını açaraq yol göstərdi.
Eçso yuxarı mərtəbəyə çıxıb qapını döyməyə hazırlaşırdı ki, qapı kiliddən açılıb aralandı.
“İçəri gəl,” deyə Elion yumşaq oturacaqlarından birinə əyləşərək gözlədi.
Eçso içəri girib qapını astaca örtdü. Elionun soyuq hərəkətləri onu narahat etməyə başlamışdı.
“Belə tez vaxtda sizi narahat etdiyim üçün…”
“Gəl söhbəti çox uzatmayaq,” deyə Elion onun sözünü kəsib ayağa qalxdı. “Bura nə üçün gəldiyini təxmin edirəm, nakra dərəcəsi üçün düzdü?”
“Əgər yenidən sınaq üçün bir şans verilsə…”
“Sən mənim ən istedadlı nakrinlərimdən biri olmusan,” deyə Elion onun sözünü yenidən kəsdi “Sənin tamamilə kənarlaşdırılmamağın üçün əlimdən gələni etdim, lakin müşahidə heyətinin qərarını dəyişdirə bilmədim.”
Eçsonun boğazı düyünləndi. Ürəyi necə gəldi döyünürdü və nəfəs almaq çətinləşirdi.
“Səbəb olduğun dağıntılar və sahib olduğun qaranlıq güc, mənim əl-qolumu bağlayır. Sənin əsl kimliyini… Qısası, sənə heç cür kömək edə bilmirəm.”
“Mənim əsl kimliyim? Bu nə deməkdi?” Elionun son sualdan yayınmaq istədiyini görüb “Ustad,” dedi Eçso. “Mənim əsl kimliyim niyə hər kəsi bu qədər qorxudur? Bu… b… mən heç nə anlamıram. Niyə hər kəsdən kim olduğumu gizlədirsiniz?”
“Kim olduğunu? Bəs kimsən sən Eçso?”
“Mən…”
“Günəş döyüşçüsü? Yüz altmış il bundan əvvəl doğulmalı olan seçilmiş?”
Eçso çaşqın baxışlarla udqundu. Elionun gözləri və səsindəki istehza onu şübhəyə salmışdı. İki yüz il bundan əvvəl yayılmağa başlamış Günəş döyüşçüsü haqda çox nağıllar araşdırmış, özünü həqiqətən bu rolda görmüşdü.
“Əslində buna icazə yoxdu, amma sənin üçün bir istisna edəcəm. Günəş döyüşçüsü nağılı, ustad Rektanın uydurduğu nağıllardan sadəcə biridir. Aşağı təbəqə ekrolar, bu və buna bənzər məlumatlardan xəbərsiz olsalar da yüksək təbəqənin hər şeydən xəbəri var. Günəş döyüşçüsünün uydurma olduğu, Draqzinin bura əsl gəliş səbəbi, Qaranlıq Günəşin əslində nə olduğu və ekroların əsl kimliyi. Bu qədər təəccüblənmə, bildiyini zənn etdiyin şeylərin nə qədərinin boş nağıl olduğunu öyrənsən gözünə yuxu getməz. Mənə inanmırsan?”
Eçso çaşqın baxışlarla donub qalmışdı.
“Səncə, necə olub ki indiyə kimi Draqzin səni tapmayıb? Sən ki onun bu dünyaya Qaranlıq Günəşə sahib olmaq üçün gəldiyini bilirsən. Etrak və Zeldan gücün səndə olduğunu bilirlər. Sən isə, son beş ildə hər kəsin tanıdığı yerlərdə təlim alırsan.”
Eçso bu sualı özünə dəfələrlə versə də hər dəfə cavabı özü uydurmuşdu.
“İşlərin bu yerə gəlməyini inan mən də istəmirdim,” bildirdi nakra lideri. “Ordenin onsuz da ləğv olunub, nakrin qeydiyyatın isə bu gündən qüvvədən düşür. Yataqxanada istədiyin qədər qala bilərsən. Amma sənin daha çox şübhə çəkməyinə göz yuma bilmərəm. Bir müddət nəzərdən kənar olsan yaxşıdı.”
Eçso nə deyəcəyini bilmədi. Bu gün qarşısında gördüyü şəxs, onun tanıdığı səmimi insan yox, soyuqqanlı ekro idi. Gizlətməkdən çəkinmədiyi sirləri və emosiyasız danışığı ilə əsl ekro. Sual vermək istəsə də alacağı cavabın ən yaxşı halda daha bir uydurma nağıl olacağını bilirdi.
“Deməli hamısı boş imiş,” deyə Eçso nəhayət ümidsiz baxışlarla bildirdi. Danışarkən səsinin titrəməyinə mane ola bilmirdi. “On iki illik təlimi beş ildə bitirməyin nə cür işgəncə olduğunu heç təsəvvür edirsiniz?! Deyirsiniz bu qədər əziyyətə boş yerə dözmüşəm?! Bəs mənim bir gün iki dünyanı xilas edəcəyimlə bağlı dedikləriniz nədi? Bu da nağıldı?!”
Elion heç nə demədi. Yalnız soyuq bir buz dağı kimi baxmaqla kifayətləndi.
Eçso başını yelləyərək otaqdan çıxıb qapını çırpdı. Pilləkənlə aşağı mərtəbəyə enərkən qayıdıb var gücü ilə divara yumruq vurmamaq üçün özünə çətinliklə mane olurdu. Düşündüyü yeganə şey tezliklə bu lənətə gəlmiş şəhəri tərk etmək və… sonrasını düşünə bilmirdi. Çıxışa yaxınlaşıb dayandı. Muzdlu döyüşçülər bölməsinin bu mərtəbədə olduğunu gördü. Bəlkə də qovulmuş bir nakra kimi yaşamaqdansa yaxşı bir metha kimi yaşamaq daha şərəfli idi. Metha qeydiyyatı şöbəsinə girib balaca boylu, üzü qırışmış, arıq bir adama yaxınlaşdı.
“Metha qeydiyyatı üçün gəlmişəm,” dedi çatan kimi.
“Adınız, soyadınız, yaşadığınız yer, döyüş səviyyəniz və üslubunuz,” deyə arıq qeydiyyatçı bezgin və yorğun səslə soruşdu. Yuxudan yenicə ayılmış gözlərini çətinliklə açıq saxlayırdı. “Əgər döyüş səviyyənizi və üslubunuzu bilmirsinizsə, on iki mara qarşılığında təlim mərkəzində üç günlük təlimdən keçib döyüş dərəcəsi alacaqsınız. Minimum qəbul D5 dərəcəsidir, dərəcəniz aşağıdırsa ustadların məsləhət bildiyi vaxta kimi hər günü beş mara qarşılığında təlim keçə bilərsiniz. Onu deməliyəm ki ustadlarımız çox təcrübəli və Azarın ən…”
“Başa düşdüm, mənə təlim lazım deyil.” deyə Eçso, bir tonda şeir kimi əzbər danışdığı qaydaları saxladı. “Mənim dərəcəm də var üslubum da, alın.” Cibindən möhürlənmiş qalın kağızı çıxarıb uzatdı.
“Eçso es-Xenera,” deyə qeydiyyatçı oxumağa başladı “İkram qəbiləsi…” bəzi məlumatları mızıldanaraq sürətlə oxuyub “B5?” təəccüblə ona baxdı “Moxs üslubu?! Siz nakrasınız?”
“Nakrin… idim.”
“Nakrin? Bu yaşda?” kağıza daha diqqətlə baxıb “Hə, doğrudan,” təsdiqlədi daha böyük təəccüblə. Eçsonun xasiyyətnaməsi qeydiyyatçını yuxudan ayıltmışdı.
“Bu keyfiyyətlər artıqlaması ilə kifayət edər,” deyə qeydiyyatçı tük qələmi götürüb, mürəkkəbə batıraraq bir neçə qeyd apardı. “İlk dəfədir nakra döyüş dərəcəsi almış nakrin görürəm. Bura gəlmisənsə deməli ya sonuncu sinifdə qovulmusan, ya da sınaqdan keçə bilməmisən.”
“Hər ikisi.”
Arıq qeydiyyatçı qeydlərini apararkən başını yellədi.
“Sənin kimi nakralara son vaxtlar çox ehtiyacımız var. Çox heyf.” Möhürlü kağızın arxa tərəfini çevirib bir neçə əlavə qeydlər və məlumatlar oxudu. “Belə görürəm sən Zankxa üslubunda da döyüşə bilərsən,” deyə bildirdi.
“Hə, amma Moxs mənim daha çox xoşuma gəlir.”
Qeydiyyatçı qəribə bir templə gülərək “Muzdlu döyüşçü olmaq heç də nakra olmağa bənzəmir, cavan oğlan,” dedi. “Əgər insanların sənə iş verməyini istəyirsənsə qılıncın və üslubun nə qədər qorxuducu olsa o qədər yaxşıdı. Sənin Zankxa üslubunda B5 səviyyəsində olduğunu qeyd edirəm. Moxs üslubunu yaddan çıxar, bu bədənlə o nazik qılıncın sənə nə köməyi dəyəcək anlamıram.”
Eçso etiraz etmədi. Qeydiyyatın başa çatmağını gözləyərkən gözü idarə mərkəzinə yenicə girən gənc rizanmaqa sataşdı. Selley sanki onun orada olduğunu bilirmiş kimi bir başa qeydiyyat bölməsinə gəlmişdi.
“Bilmirdim belə tez qərar verəcəksən,” dedi çatan kimi.
“Nə bildin ki burdayam?”
“Qəfil sənin varlığını hiss etdim, deyəsən çox hirslənmişdin.”
Eçso onu bir az kənara çəkib “Nakrin qeydiyyatım ləğv edildi,” bildirdi.
“Bəs baş ustad Elionun bundan xəbəri var?”
“Əlbəttə var. Xəbəri verən elə özü idi.”
Hər ikisi sükut içində bir-birinə baxarkən Selley köhnə dostunun əlindən tutdu.
“Üzr istəyirəm, gələ bilərsən cavan oğlan,” deyə qeydiyyatçı səsləndi. “Fikrində bir ləqəb var, yoxsa öz adından istifadə edəcəksən?” Eçsonun sual dolu baxışlarını görüb “Çoxları, asan yadda qalmaq və müştəri tapmaq üçün ləqəbdən istifadə edirlər. Müştərilər seçim arasında qalanda hansısa Eçso adlı oğlandansa, Əjdaha Ovçusu və ya Vidra Cəlladı ləqəbli döyüşçüyə üstünlük verirlər. Elə baxma, niyə belə etdiklərini mən də bilmirəm.”
“İcazə ver sənə ləqəbi mən seçim,” deyə Selley qəfil atıldı “Xahiş edirəm, bu qeydiyyatın ən xoşladığım yeridi.”
Eçso qarşı çıxmadı.
Selley, Eçsonun sağ əlindən tutub əlcəyini çıxardı. Qolunu bəzəyən qara alov dillərinə baxıb “Zotan Haxs,” dedi həzlə və seçdiyi ləqəbin nə qədər əla seçim olduğunu təsdiqləməyi üçün Eçsonun üzünə baxdı. “Bircə demə ki tərcüməsini bilmirsən.”
“Qara alov,” deyə qeydiyyatçı tərcümə etdi “Zənnimcə istifadə olunmayıb, bunu seçirsiniz?”
Eçso həmin an köhnə soyadında da Haxs olduğunu xatırladı. Deməli mənası alov imiş. Sonra ondan bir cavab gözlədiklərini görüb başı ilə təsdiqlədi.
“Yaxşı ləqəbiniz Zotan Haxs. Bir də sizi fərqləndirəcək bir işarəyə ehtiyacınız olacaq. Nə bilim üzünüzdə bir yara və ya fərqli bir görünüş. Yalnız sizə aid bir nişan… Müştərilərinizin sizi daha tez tanımağı üçün.”
Eçso qolunu göstərərək “Bu olar?” demişdi ki, arıq qeydiyyatçı əli ilə onu yazdığını göstərən işarə verdi. “Şimallılara xas görünüşüm necə?”
“Demək istəyir yaraşıqlı üzümü qeyd et,” deyə Selley gülərək araya girdi.
“Yox əslində…” inkar etməyin gərəksiz olduğunu görən Eçso susub gözlədi.
Son qeydləri apardıqdan sonra tük qələmi yerinə qoyan qeydiyyatçı “Yeni ordeninizi on-on beş gün içində ala bilərsiniz,” deyə əvvəlki səs tonuna qayıtdı. “Araşdırmalar nəticəsində ləqəbinizin istifadə edildiyi məlum olsa dəyişdirməyə məcbursunuz ki, bu ən az dörd gün alacaq. Əməllərinizin xeyirxahlığını və cinayət işləmədiyinizi təsdiqləyəcək zaminə ehtiyacınız var. Əgər zamin yoxdursa daha on dörd gün gözləməli olacaqsınız. Əgər təsdiqlənmə…”
“Mən bu ordeni bir ildən tez ala biləcəm, ya yox?” deyə Eçso əsəblərini cilovlayaraq dişlərini sıxdı. “Cənab qeydiyyatçı.”
“Mən ona zamin dura bilərəm?” deyə Selley cəld Eçsonun qolundan tutdu. “Dərəcəm yoxdur, amma mən rizanmaqam.”
Qeydiyyatçı bir az düşündü. “Əslində ikidən aşağı dərəcəsi olan nakralar zamin dura bilməz, amma zənimcə rizanmaqlar istisnadır.” Aşağıdan nazik bir kitab çıxarıb bir neçə səhifə çevirdi. “Hə, elədir. Siz hətta onun düşüncələrinə də zamin dura bilərsiniz. Qabiliyyət səviyyəniz C2-dən yuxarıdır ümid edirəm.”
Selley ordenini uzadaraq “C1” deyə bildirdi. “Tezliklə B səviyyəsinə yüksələcəm.“
“Təbrik edirəm, deməli ilk dərəcənizi artıq almısınız.”
“Tam rəsmi yox, amma tezliklə onu da alacam, bəli. Əgər bəzi məsələlər həll olundusa ordeni nə vaxt ala bilərik?” Gənc rizanmaq səbrsizliklə soruşdu. “Orden bizə çox təcili lazımdı.”
“Ləqəbin istifadə edilmədiyini saysaq ən tez altı gündə hazır olar.”
“Xeyr orden bizə elə bu gün lazımdı.”
Qeydiyyatçı elə həmin an başını sürətlə yelləyərək “Yox, yox bu mümkün deyil,” deyə qarşı çıxdı. “Bu haqda heç söhbət də gedə bilməz.”
“Siz deyəsən onun kim olduğunu bilmirsiniz?” deyə Selley hiylə ilə gözlərini qıydı.
Eçso onun söhbəti hara aparmaq niyyətində olduğunu bilsə də mane olmadı.
“Elionun beş il bundan əvvəl peyda olan… qohumu barədə eşitməmisiniz?”
Qeydiyyatçının həmin an gözləri böyüdü. Eçso adının haradan tanış gəldiyini indi xatırlamışdı.
“Baş ustad Elion, qohumunun sınaqda qarşılaşdığı uğursuzluqlara baxmayaraq onu döyüşçü kimi görmək istəyir,” deyə Selley öz hiyləli oyununa davam etdi.
“Mən… bəli, mən sabah axşama kimi hər şeyi hazırlamağa çalışacam,” deyə, arıq qeydiyyatçı, tez bildirdi. “Siz narahat olmayın, gün batmamış gəlib ordeninizi ala bilərsiniz.”
Eçsonun bu qohum məsələsindən heç vaxt xoşu gəlməmişdi, amma az xeyri də dəymirdi. Başqalarının məzun olduğu yaşda Eçsonun təlimə başlamağına mühafizə heyətinin icazə verməyi də elə bu səbəbdən olmuşdu.
İdarə binasından çıxarkən gənc rizanmaqın sifətinə yayılan dolğun sevinc cizgiləri Eçsonun kefini az da olsa açmışdı. Ancaq bu vəziyyət çox çəkmədi.
“Elə bilirdim sevinəcəksən,” deyə Selley bildirdi. Eçsonun qızdırması qalxan xəstələr kimi gözlərini yerə zilləyib bikef addımlarla yeriməyindən heç xoşu gəlmirdi. “O əvvəlki gülərüz, zarafatcıl Eçsoya nə oldu?”
7. Daha çox mara
Mən dəyişmək istəyirəm
Yanıb küllərdən doğulmaq
Buludlarda yağış olmaq
Eçso yeni döyülmüş parıldayan mis nişana bir müddət baxıb cibinə qoydu. Bununla yanaşı silah daşımaq və istifadə etmək üçün icazə ordeni da almışdı. Bütün bunlar ona cibindəki son pul olan üç mara qırx bir lemiyə başa gəlmişdi. Yerdə qalan iki lemi pula isə ən yaxşı halda iki çörək və ya üç kilo alma ala bilərdi. İcazə kağızı üzərində həmçinin dövlətə ödəyəcəyi illik vergi miqdarı, sahib olduğu əlavə bir neçə səlahiyyətlər və qadağalar vardı.
“Keçən dəfə sizinlə gələn gənc xanım məni elə tələsdirdi… siz isə indi gəlirsiniz,” deyə qeydiyyatçı ehtiyatla narazılığını bildirdi.
Selleyin ordeni tez zamanda almaq üçün etdiklərinə baxmayaraq Eçso dünən axşam götürməli olduğu ordeni bu gün səhər götürmüşdü. Hətta indi də bunu həqiqətən istədiyinə əmin deyildi.
“Tək işləməyiniz bir az çətin olacaq, bu dərəcədə müştəri tapmaq asan deyil,” deyə qeydiyyatçı bildirdi “Əgər istəsəniz şəhərdəki sizi qəbul edəcək bir neçə metha dəstəsinin adını verə bilərəm. Beləliklə daha sürətli təcrübə və pul qazana bilərsiniz.”
“Təşəkkür edirəm, ehtiyac yoxdur.”
Eçso oradan çıxıb idarə mərkəzini tərk etdi. Son pulunu da bu ordenə vermişdi və tez zamanda yataqxanadan çıxmaq istəyirdi. Nə qədər qüdrətli və əfsanəvi gücə sahib olsa da, bir həftədən sonra o, küçələrdə pulsuz, səfil həyatı yaşaya bilərdi. Odur ki, yerə düşməmək üçün bir əli ilə asılı qaldığı bu son budağı bərk-bərk qucaqlamalı olduğunu anlayırdı.
Nakralar üçün səhər düzülüşünün bitdiyini təxmin edən Eçso, qız yoldaşını tapmaq üçün qərb meydanına üz tutmuşdu. Tünd qəhvəyi rəngli gen metha geyimi, demək olar ki, çiynindən yerə kimi uzanan, mantiya və sadə kapyuşondan ibarət idi. Qərb meydanına çatan kimi gənc rizanmaqın onu gözlədiyini gördü. Elan lövhəsinin iki addımlığında dayanıb gülümsəyirdi.
“Ümid edirəm əli boş gəlməmisən,” deyə Selley tərs-tərs baxdı.
“Bilirsən ki yox,” deyə Eçso çəkinərək mis nişanını göstərdi.
“O nişan cibdə gəzdirmək üçün yox yaxaya taxılmaq üçündü. Sən artıq muzdlu döyüşçüsən. Bunu nə qədər çox insan bilsə o qədər yaxşıdı, Zotan Haxs.”
“Mənə belə demə. Bu söz mənə şimal dilində eybəcər bir söyüşü xatırladır.”
Selley gülərək nişanı Eçsonun yaxasına taxdı.
“Silah və zirehin hanı?” deyə Selley təəccüblə soruşdu. Eçsonun boş baxışlarını görüb “Silahın da yoxdu?”
“Bir dənə xəncərim var,” deyə Eçso çiynini dartdı. “Pis xəncər deyil.”
Gənc rizanmaq Eçsonun rahatlığı qarşısında qurumuşdu.
“Sən… sən mənim mühafizəçimsən Eçso, hansı mühafizəçi tək xəncərlə tapşırığa gedir?! Sənə borca silah verəcə tanışın var? Məndən başqa.”
Eçso başını yellədi. Tanıdığı bir neçə usta nakra olsa da onların qarşısına bu cür çıxmağa utanırdı. Köhnə ustadları isə hələ də onu görən zaman üzlərini başqa istiqamətə çevirirdilər. Sonuncu dəfə onlarla çox kobud danışmışdı.
“Yaxşı…” Selley yerində var-gəl edib fikirləşməyə başladı. “Bu vəziyyətdə geyinmisənsə deməli heç işlənmiş silaha da pulun çatmır. Mən isə həftəlik maaşımı alan kimi göyə sovurdum. Heç qılıncın pulunu verib qurtarmamışam.”
“Qılıncın pulu?”
“Hə, keçən il qaydalar dəyişib. İndi məzun olan nakrinlər dövlətin verdiyi zireh və silahın pulunu az-az geri qaytarmalıdılar. Ona görə silah kimi tək qılınc götürmüşəm. Bəlkə kimdənsə borc pul… yox, kimdi bizə borc verən. Ola bilsin anamın dükanından bir az…”
Eçso gənc rizanmaqın çiynindən tutaraq “Narahat olma,” dedi. “Tapşırıq başlayana kimi bir şey fikirləşərəm.”
“Eçso, biz tapşırığa elə indi başlayırıq. Odur ki indi fikirləş.”
“Elə indi?! Saatdan xəbərin var?! Hələ heç günəş də çıxmayıb.” Eçso gənc rizanmaqın artıq bir tapşırıq götürdüyünü xatırlayırdı, amma nədənsə ondan nə olduğunu soruşmamışdı. “Bu bir yana dursun, mən heç tapşırığın nə olduğunu bilmirəm. Plan qurmaq lazımdı, əlaqələr saxlamaq, tapşırıq haqda geniş məlumat əldə etmək lazımdı. Sonra bir neçə gün ərazini gözdən keçirib müşahidələr aparmalıyıq.” Aldığı dərsləri az qala əzbər danışırdı.
“Bunların hamısını etmişəm,” deyə Selley onu saxladı “Sənin silahsız olmağını nəzərə almasaq şansımız yaxşıdı. Tapşırığın mükafatını şəhər öz üzərinə götürüb və otuz mara təklif edir.”
Eçso qaşlarını qaldıraraq başını geri çəkdi. Elə ilk işdən bu qədər qazanmaq heç də pis olmazdı. Otuz mara üç ədəd qızıl pul xaar edirdi ki, ikinci dərəcəli bütün nakraların maaşı elə bu qədər idi.
“Sən üçdə birini alacaqsan.” Selley əlavə etdi.
“Bir xaar? Deməli mən sənin həyatını qoruyacam və tapşırığın böyük hissəsini yerinə yetirəcəm, amma sən iki qızıl alacaqsan? Ədalətli görünmür.”
“Bu iş belə olur gənc metha,” deyə Selley gülümsədi. “Tapşırıq mənimdi və rütbəcə səndən yuxarıyam.”
Eçso qarşı çıxmadı. Sonra “Bir şeyi başa düşmədim,” deyə qəfil ağlına gələn uyğunsuzluğu dilə gətirdi “Əgər tapşırıq bu qədər asandırsa və belə mükafat verirsə niyə onu daha təcrübəli döyüşçülərə yox sənə verdilər? ”
Selley bir an duruxdu “Əslində, tapşırığın bir şərti var,” dedi udqunaraq. “Mükafat bir şərtlə tam ödənəcək, itkin düşmüş hər iki insan sağ qaytarılarsa. Bir də…”
“Bir də nə?”
“Mən… tapşırığı almaq üçün onlara sənin mənə kömək edəcəyini dedim.”
Eçso gənc rizanmaqın nə demək istədiyini bir az gec anlamışdı.
“Bilirsən də, onlar sənin… onun oğlu olduğunu…”
“Hə, başa düşdüm,” dedi Eçso.
“Bağışla, bir də etmərəm.”
“Eybi yox. Əsas odur ki işimiz var. Gəl tapşırıq haqda danışaq.”
Hər ikisi boş skamyalardan birində oturdular. Selley tapşırığın bütün detallarını tək-tək danışıb izah etdi. O danışarkən Eçso gənc rizanmaq üçün bu tapşırığın niyə vacib olduğunu anlayırdı. Onun nakra olmağına səbəb olan hadisənin bir bənzəri ilə qarşılaşmışdı.
“Səkkiz gün. Selley, kefini pozmaq istəmirəm, amma onlar indiyə sağ qalmazlar,” deyə Eçso nəhayət dilləndi. “Heç kim bu şəraitdə üç gündən artıq yaşaya bilməz. Həm də axır vaxtlar kanalizasiyada vidra görənlər olub. Bu düzdürsə heç onların cəsədlərini də tapmaya bilərik.”
“Onlar sağdı.”
“Selley, sən bunu biləcək qədər güclü deyilsən.”
“Mən bunu… sənə dediyim yadındadı? Məsələ tək həyat qorumaq deyil. Öz yoldaşının və oğlunun yolunu gözləyən qadın, ömrünün sonuna kimi içini gəmirən ümidlə yaşamağa məcbur qalacaq. Əgər həqiqətən onlar ölübsə, o buna əmin olmalıdır. Yalnız bundan sonra həyatına davam edə bilər.”
Eçso dərin nəfəs dərərək “Belə başa düşürəm, mükafat sənin vecinə də deyil,” dedi.
“Bağışla.”
Gənc metha ayağa qalxaraq “Mənə, evsiz pişiklər kimi baxma,” dedi. Bu qəmgin böyük gözlər onun zəif yeri idi. “Dur gedək. Gecikdiyimiz hər an, onları ölümə daha da yaxınlaşdırır.”, “Ya da çürüməyə.”
Dünən axşamdan tutulan göy üzü, getdikcə daha çox qara buludlarla örtülür, artan küləklə nəm və soyuq hava şəhəri bürüyürdü. Ara-bir çaxan ildırım, tezliklə başlayacaq yağışın xəbərçisi kimi öncə parıldayıb sonra guruldayırdı. İş vaxtının başlamağına baxmayaraq küçələr hələ də boş idi. Evlərdə isə nadir hallarda bir hərəkət və ya işıq gözə dəyirdi.
“Belə bir tapşırıq üçün seçdiyin vaxta söz ola bilməz,” deyə Eçso küləkdə bayraq kimi dalğalanan mantiyasını tutub, içəridən əli ilə bədəninə sıxdı. İki silahdaş, mühafizəçi bir nakranın ardınca şəhərin şimal istiqamətinə doğru gedirdilər. “Bu havada bizdən başqa görəsən hansı axmaq kanalizasiyaya girmək istəyər?”
“Qoca kişilər kimi deyinmə Eçso, onsuz da gecdi. Bax, səkkiz yaşlı oğlanı burdan girən görüblər,” deyib gənc rizanmaq dəmir barmaqlıqlı qıfıllı girişi göstərdi. “Elə həmin gün atası oğlunun ardınca girib, amma geri qayıtmayıb.”
“Deməli buna görə mükafatı şəhər öz üzərinə götürüb. Hansı fərsiz nakradı qapını açıq qoyan?”
“Tapif Maul,” onlara müşayiət edən nakra qəfil cavab verdi. Eçso ilə eyni yaşda görünsə də üçüncü dərəcəli nişan taxmışdı. “AR yoluna qüllə nəzarəçisidi təyin edilib. Bəlkə indi ağlı başına gələr.”
Cütlük bunu eşidən an ürpərmişdi. Gün batandan çıxana kimi ayaq üstə bir yerdə dayanıb gözlərini ucsuz düzənliyə zilləmək həm sağlamlıq, həm də karyera üçün ağır zərbə idi. Bu peşə, adi döyüş təlimi almış mühafizəçilərə verilsə də nakralar üçün əsl işgəncə sayılırdı.
“Paytaxt şəhər həqiqətən səhvləri bağışlamır hə?” soruşdu Eçso.
Müşayiətçi nakra, dəmir barmaqlıqlı enli qapının kilidini açaraq “Elədir,” dedi. Sürtünən dəmirin ciyilti səsi ilə qapını aralayıb “Ehtiyatlı olun,” xəbərdar etdi. Səsi mülayim, amma emosiya bildirməyən baxışları kimi soyuq idi. “Mən səhərə kimi bu ərazidə olacam. İşiniz bitəndən sonra çağırmağınız kifayətdir.”
“Bəs birdən başqa istiqamətdən çıxmaq istəsək necə?” soruşdu Eçso.
“Bəxtiniz gətirsə yaxınlıqda açarı olan bir mühafizəçi tapılar.”
Hər ikisi içəri girib pilləkənlə aşağı enməyə başla…
“Məşəli unutdunuz.”
“Zibil!” cütlük cəld geri qaçaraq girişdəki sönmüş məşəli götürdülər. “Çaxmaq daşı götürmək yadımdan çıxıb. Selley, səndə…”
Bu an gənc nakra əlini barmaqlıqlar arasından uzadaraq məşəli sehrlə yandırdı. Sonra qapının kilidini bağlayaraq “Uğurlar,” dedi.
“Minnətdaram,” dedi Eçso donmuş baxışlarla.
Pilləkənlə aşağı enib sakit axan kanala çatdılar. Kanalizasiya divarları düz daşlardan hörülmüş, kanalın hər iki tərəfdən, bir insanın rahat hərəkət etməyi üçün səliqəli yol salınmışdı. Tən ortadan axan dərin su arxı isə bir at arabasını batıracaq genişlikdə idi. Hündür tavan, geniş kanal və bu kanalların üzərindən rahat keçmək üçün qurulmuş ensiz körpülər, sanki yerin üstündəki dünyanın qaranlıq bir təqlidi idi.
“Bu üfunətə öyrəşmək bir az vaxt alacaq,” deyə Selley əlini burnuna tutdu. Eçsonun üzündə heç bir narahatlıq görməməyi sanki onun kişilər haqda olan düşüncəsini təsdiqləyirdi. Korşalmış hislər.
“Yarımqanlar nə vaxtdan şəhər patrulu çıxırlar?” soruşdu Eçso. “Elə bilirdim bu işlər biz… sənin kimi təlimdən yeni çıxanların işidi.”
Selley başını tərpədərək “Hələ bu nədi ki, Lakela məhəlləsində patrulların ikisi ekrodu,” dedi. “Baş ustad patrul sayını artırsa insanların daha çox qorxacağını düşünür, o səbəbdən onların keyfiyyətini artırır. Eşitdiyimə görə qapını açıq qoyan həmin nakra, qırx iki yaşlı və dördüncü dərəcəli ustad olub.”
“Dördüncü dərəcə! Şəhəri hansısa təhlükə gözləyir?”
“Nə bilim. Bəlkə də Draqzin hərəkətə keçib. Bəziləri Qaranlıq şahzadənin özünə yeni vidra ordusu yığdığını deyir. Guya ona görə bəzi ərazilərdə vidraların sayı azalıb. Bilmirəm, mənim kimi dərəcəsiz nakralara heç nə demirlər. Bəlkə sən bilərsən, ustad Elionla yaxın əlaqəsi olan nadir insanlardan birisən.”
Eçso başını yelləyərək “Xəbərim yoxdu,” dedi. “Bir də ki, bizim əlaqəmiz yaxın zad deyil. Yaxamdakı bu eybəcər nişanı görmürsən?”
“Yaxşı görək Eçso, çox şişirirsən. Metha olmaq heç də pis peşə deyil. Mənə inanmırsan?”
Eçso çiynini çəkdi.
“Dörd il əvvəl dəyişmiş qanunlardan xəbərin var?”
“Nakraların aylıq maaşlarını endirib qarşılığında mülki tapşırıqlar götürə bilmə səlahiyyəti verilməyi ilə bağlı? Hə var. Amma bu, nakralar arası rəqabəti artırmaq, həmçinin metha və tənbəl nakraların sayını azaltmaq üçün verilmiş qərardı.”
“Hə, bunlar da var. Ancaq əsas səbəb, nakra peşəsini atıb metha olmaq istəyənlərin qarşısını almaqdır. Hətta mən, puluna və iş rahatlığına görə metha olmuş üçüncü dərəcəli nakralar tanıyıram. Nə yalan deyim, gündəlik yığıncaqlar və atdığım hər addımın izahatını vermək, məni indidən bezdirməyə başlayıb. Odur ki, az şikayət et.”
Eçso başını yelləsə də heç nə demədi. Məşəli aşağı, suya doğru endirərək “Axın elə də güclü deyil,” deyib dibi görməyə çalışdı. Lakin bulanıq suda əlində məşəl tutan öz əksindən başqa heç nə görünmürdü. “Səncə bu su nə qədər dərindi?”
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68776575) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.