Xeyrin çöküşü

Xeyrin çöküşü
Zaur Pənahov
Qaranlıq günəş #1
İnsan irqinin onlarla ilk görüşü o qədər qədimlərə gedir ki, bunu yalnız onlar xatırlayır…
Bir vaxtlar özlərinə tanrı deyən uzun ömrlü canlıları düşünün… İki böyük ordunun bir gecəlik qanlı döyüşünü… Günəşin kölgəsində gizlənən düşməni, gecənin qaranlığında görünən qanlı ölümü düşünün…
Və bütün bunların ardında öz növbəsini gözləyən Qaranlıq Hökümdarı gözləyin…
Hadisələr tarixə, tarix miflərə, miflər kitablara dönüşdü… heç kimin inanmadığı kitablara…

Zaur Pənahov
Qaranliq Günəş
Xeyrin Çöküşü

Zaur Pənahov
Qaranlıq Günəş seryası #1
Azərbaycan
Pan Nəşriyyatı, 2018
2-ci Nəşr

İSBN 978-9952-8331-1-9

©Zaur Pənahov
Nəm çəmənlikdə uzanaraq ulduzlara baxırdı. Böcəklərin nəğməsi gözəl bir ahənglə bütün ovalıqda əks olunurdu. Arabir üzərindən əsən sərin meh, qısa otları qulağına və üzünə vurur, belini isladan şeh bəzən üşüməyinə səbəb olurdu. Sonra kiçik, dolu əllərini qaldırıb onlara baxdı. Bədən ona aid deyildi. Sanki başqa bir nəfərin, bir uşağın bədəni ilə hiss edir, ətrafını onun gözləri ilə görürdü. Böyük bir ovalığın ortasında heç bir müdafiəsi olmayan evin on addımlığında uzanmışdı. İçində qəribə bir hiss vardı. Amma onu daha çox ulduzlar maraqlandırırdı. Qısa müddət sonra bir qadın onu çağırdı. "Akun!" deyirdi qadın təlaşla, "Akun, bura gəl, tez ol!"
Ayağa qalxaraq qadına doğru, bir neçə addım atdı və dayandı. Aqren içində olduğu bədəni idarə edə bilmirdi. Nə qədər çalışsa da qadına tərəf qaça bilmirdi. Bu gecənin nə ilə nəticələnəcəyini bilsə də içində olduğu bədən yalnız gülümsəyirdi. Birdən həmin səs yüksəldi. Ac vidranın ulama səsi. Səsləri ilə qulaq batıran böcəklər artıq susmuşdu. Sanki, küləklər də yaxınlaşan təhlükədən qorxaraq sakitləşmişdilər. Qadın qorxu ilə Aqrenə doğru qaçaraq onu qucağına aldı. Ancaq artıq çox gec idi. Aqren qadının qollarından yıxılan an gözlərinə ani qaranlıq çökdü ancaq ayağa qalxmağı çox çəkmədi. Gözlərinin gördüyü reallığa inanmaq çətin olsa da vidralar qadını tutmuşdular. Qadın nəfəsinin imkan verdiyi qədər möhkəm çığırırdı: "QAÇ, OĞLUM!.. QAÇ!" Ancaq Aqren yerindəcə dayanmışdı. Qorxudan ayaqları tutulmuşdu. Qadının vəhşicəsinə diri-diri necə parçalandığına baxırdı. Onun qanının vidraların ağız və pəncələrini necə boyadığına baxırdı. Qısa müddətdə qadının səsi tamam kəsildi. O artıq ölmüşdü. Vidralardan biri Aqrenə baxdı…



Termin

ekro:
Görünüşcə insandan fərqlənməyən, paralel dünyadan gəlmiş uzunömürlü, sehirli güclərə sahib irq.

Üçlük:
Hər üç vilayəti idarə edən üç müdrik ekro.

vidra:
Paralel dünyadan gəlmiş və yalnız gecələr üzə çıxan vəhşi məxluq.

nakra:
Yeni Azarın cinayət və vidralara qarşı mübarizədə istifadə etdiyi döyüşçü növü.

qazza:
Raqanın cinayət və vidralara qarşı mübarizədə istifadə etdiyi döyüşçü növü.

Kölgə:
Qaranlıq şahzadənin yaxın adamları.

Kitabdakı adların böyük qismində vurğu birinci hecaya düşür.

Başlanğıcda

İnsan irqinin onlarla ilk görüşü o qədər qədimlərə gedir ki, bunu yalnız onlar xatırlayır. Parçalanmış insan qəbilələri onların başçılığı altında birləşmiş, mərkəzi idarə sistemi olan vahid dövlət yaranmışdı. Onlar, insanlara heç vaxt sahib olmadıqları rahat həyatı, inancı və azadlığı bəxş etmişdilər. İnsanlar onlara tanrılar dedilər. Onlar isə əslində Ekrolar idi. İkinci dövr belə başlamışdı.
Tanrıların insan irqi üzərindəki uzun hökmdarlığından sonra iki dünya arasındakı möhürlü qapı yenidən açıldı. Tanrılar bu hadisəni gözləyirdilər. Bilirdilər ki, iki dünyanı birləşdirən qapı onları şərdən daha qoruya bilməyəcək. Qaranlıq şahzadə Draqzin öz məqsədinə nail olmaq üçün ona lazım olanı axtaracaq. Hansı ki insanların dünyasına gizlədilmişdi.
Həmin gecə nələr olduğunu heç bir insan dəqiq bilmir. Hər kəsin dəqiq bildiyi yalnız bir şey vardı: Draqzinin özü ilə gətirdiyi şər qüvvələrin vəhşi ordusu, ali tanrı Stakranın ordusu qarşısında məğlub olmuşdu. Vəhşi məxluqlar bədənlərinə girən dəmir nizələr qarşısında zingildəyərək ölməkdən və qaçmaqdan başqa heç nə edə bilməmişdilər.
Nəhayət, Draqzin məğlub edilmişdi, lakin hər qalibiyyətin bir qurbanı olduğu kimi, bu döyüşdə də verilən bir qurban var idi. Ali tanrı Stakra, Draqzini canı bahasına məğlub etmişdi. Bundan başqa Draqzinin sağ qalan məxluqları və yandaşları insanların dünyasına yayılmışdı. Bu döyüşdən sonra Azarın həyat şərtləri və qanunları dəyişmişdi. Artıq insanlar qorxunun nə olduğunu anlamışdılar. Gecələr, əvvəllər olduğu kimi sakit və rahat keçmirdi və artıq ulduzları seyr etmək heç də asan deyildi.
Böyük döyüşdən sonra başlayan üsyanlar Azar diyarını
məhvin eşiyinə gətirib çıxarmışdı. Mövcud bir çıxış yolu vardı və tanrılar onu seçdi. Dəyişən həyat şərtləri ilə birlikdə tanrılar insanlara həqiqəti açdılar. Onlara tanrı olmadıqlarını, onlar kimi adi canlılar olduqlarını bildirdilər. Xüsusi qabiliyyətlərə və uzun ömrə sahib adi canlılar.
Beləliklə, böyük Azar üç yerə bölündü. Şimal dağlarında birləşən qəbilələr Şimal qəbilələri adlandı, hansı ki vidralar oranın soyuğundan qorxurdular. Şərqdə bərəkətli torpaqları və ucsuz meşələri ilə Raqa yarandı. Qərbdə isə Yeni Azar. Hər üç vilayətə ekro irqinə mənsub hökmdarlar seçildi və idarə heyəti quruldu. Bu heyətə isə ən təcrübəli üç ekrodan ibarət Üçlük adlanan ali hökmdarlar rəhbərlik etməyə başladı. Beləliklə, böyük döyüşdən sonra qurulan Üçlük sistemi ilə birlikdə üçüncü dövrün təməli atıldı. Ekrolar bu dövrə sabitlik dedilər, insanlar isə fəlakət öncəsi sakitlik.


1
Tərk edİlmİş sığınacaq
3-cü dövr. Böyük döyüşdən 431 il sonra.
Ucsuz yaşıl meşələrin gedərək seyrəlib, alçaq təpəliklər və çılpaq ərazilərdə sonlandığı bu kimsəsiz yerdə, iki nakra dayanıb ətrafı seyr edirdilər. Döyüşçülərin qarşısında uzanan ərazi, olduqca dərə-təpə və quru görünürdü. Çıxan yeni günəşin qırmızı şəfəqi, alçaq təpələrə dəyərək ərazidə uzun kölgələr yaradırdı. Raqa vilayətinin cənubunda olan bu kimsəsiz təpəlik, ilan və əqrəb xaric, heç bir heyvanın yaşamaq istəmədiyi bir yer idi. Təpəlikləri bürüyən kiçik kollar da yayın dözülməz istisinə baş əymişdilər.
Nakralardan biri ekro irqindən, Etrak adlı, təcrübəli döyüşçü idi. Otuz iki yaşlı bir insan görünüşünə sahib, boyu uzun, bədəni isə əsl döyüşçü bədəni kimi sərt və dözümlü görünürdü. Geyindiyi qara rəngli dəri paltar və bədənini qoruyan heç bir zirehin olmamağı döyüşçünün bütün Azarda yalnız bir şəxsin yüksələ biləcəyi yeddinci dərəcəli nakra olduğunu göstərirdi. Paltarı nazik dəridən hazırlanmış döyüşçü, müdafiə olunmaq üçün heç bir zirehə ehtiyac duymurdu. Silahı isə belinə bərkidilmiş nazik qılınc və irqinin ona verdiyi sehrli qüvvələrdən ibarət idi. Onun kimi döyüşçülər çox nadir hallarda və yalnız ən çətin tapşırıqlara göndərildiyi üçün çoxdandır geyinmədiyi dar forması onu bir az narahat edirdi.
Onun əksinə, bir insan və qadın olan silahdaşı isə iyirmi yeddi yaşında qırmızı saçlı, gözəl və bir o qədər də qabiliyyətli döyüşçü idi. Aqren adlı bu nakra bir insanın yüksələ biləcəyi ən yüksək rütbə olan dördüncü dərəcəyə sahib idi. Paltarı qəhvəyi rəngdə və bəzi yerləri dəmir lövhələrlə örtülmüş qalın dəridən tikilmişdi. Solaxay olduğu üçün qalxana bənzər enli biləkliyi sağ qoluna geyinmişdi. Sağ ayağında kəsici və belində deşici olmaqla iki uzun xəncəri vardı. Sol ayağında sıra ilə düzülən kiçik qırmızı bıçaqlar isə düşmənlərinə uzaqdan zərbə endirmək üçün ən güclü silahı idi. Nakraların çoxunun qılınc istifadə etməyinə baxmayaraq Aqren əsl bıçaq ustası kimi ad qazanmışdı.
Etrak arxasını günəşə çevirərək bir neçə gündür nəticəsiz qalan axtarışların səbəbini düşünürdü. O və silahdaşı beş gündür onlara verilən xəritə ilə bütün ərazini axtarmışdılar. Ümidin və səbrin buxarlanaraq yox olduğu bu çöllük, azalan vaxtlarını daha da qısaldırdı.
Çantasından xəritəni çıxarıb təkrar-təkrar baxan qara geyimli döyüşçü, bu qədər vaxtda sığınacağı nə üçün tapa bilmədiklərini düşünürdü. Saralmış və bəzi yerləri artıq çoxdan yırtılmış dəri üzərinə çəkilmiş köhnə xəritəyə, onların durduğu yeri göstərən bir dairə çəkilmişdi. Ancaq bu dairə təqribən üç günlük axtarış yeri idi. Onların işini çətinləşdirən səbəblərdən biri də elə bu sayılırdı. Nə axtardıqlarını bilsələr də, harada axtaracaqları barədə çox az məlumata sahib idilər. Aldıqları digər bir məlumata görə isə sığınacaq təpələrdən birindəki mağarada yerləşirdi, amma onlar beş gün ərzində bir dənə də olsun mağara tapmamışdılar.
Etrak xəritəni geri qoyaraq “Bu gün çox isti olacaq,” dedi. “Günəş yuxarı qalxmamış şimal tərəfə gedib axtarışı orada davam etməliyik.”
“Şimala? Axı oranı axtarmışıq.”
“Bilirəm. Oranı da hər yer kimi axtarmışıq. Məncə, düzgün yerə baxmırıq, axtarışa təzədən başlamaq lazımdı.”
“Düzgün yerə baxmırıq?” Aqren təəccüblə dedi. “Baxmadığımız yer qalıb ki? Bu lənətə gəlmiş xarabanın hər yerini axtarmışıq, daş və quru torpaqdan başqa heç nə yoxdu!”
Silahdaşının bu qəribə emosionallığı qarşısında bir anlıq çaşan Etrak, dönərək ona təəccüb içində baxsa da, heç nə demədi. Beş günlük dözülməz isti altında, kor-koranə axtardıqları və varlığından əmin olmadıqları dəlillərin izinə rast gəlməmək nəyinki insanı, hətta azyaşlı ekronu da hövsələdən çıxarardı.
“Üzr istəyirəm, ustad,” deyə Aqren səsini alçaltdı.
Yüksək təpələrin əyilərək yox olduğu, sığınacağın olduğunu ən az ehtimal etdikləri yerə doğru getməyə başladılar. Günəş çıxana kimi ora çatmalıydılar. Çünki axtarış vaxtı gün batana qədər idi. Düzdü, buralarda çox nadir hallarda vidra görmək olardı, hətta onlar burada qaldıqları beş gün ərzində heç qarşılaşmasalar da, nakraların bir nömrəli qanunlarından biri təhlükəyə qarşı hər zaman hazırlıqlı olmaq idi. Həm də gündüz tapılmayan bir şeyi gecə axtarmaq vidralara xas xasiyyətdir ki, onlar da çox vaxt acından ölürdülər.
Su görməmiş, boz torpaqlar üzərində yeriyən nakralar bədənlərindən axan tər damcılarını və başlarını yandıran günəşi hiss edirdilər. Bu gün digərlərindən daha da isti olacaqdı. Kifayət qədər suları olmalarına baxmayaraq dözümlülüyü ilə tanınan nakralar belə, bu istiyə davam gətirə bilmirdi. Sanki bütün gücləri isti ilə buxarlanaraq yox olurdu.
“Bağışlayın Etrak,” qadın nakra uzun çəkən darıxdırıcı səssizliyi pozaraq silahdaşına gün ərzində ilk dəfə adı ilə xitab etdi. “Çoxları, hətta Üçlük, kölgələrin (Draqzinin yandaşları) tamam yox olduğuna inanır. Bəs siz necə olub ki hələ də…”
“Hələ də nə? Onların varlığına necə olub ki hələ də inanıram?” Öz keçmişindən və ağzına saqqız olmuş hadisələr haqda danışmağı sevməyən Etrak, yardımına çox ehtiyacı olan silahdaşını işə cəlb etmək üçün onun suallarına cavab vermək məcburiyyətində idi.
“Böyük döyüşdən sonra Draqzinin təslim olmayan yandaşlarını tapmaq üçün Kölgə Ovçuları adlı xüsusi dəstə yaradıldı. Ən yaxşılardan ibarət güclü bir dəstə. Məqsədi, böyük müharibədən sonra hər tərəfə yayılmış Draqzinin yandaşlarını tapmaq idi. Dəstə iki əsr ərzində yüzlərcə düşməni ya öldürdü, ya da həbs etdi. Ancaq əsas məqsədləri Draqzinin ən yaxın yandaşlarını tutmaq idi.”
“Hə, Kölgə Ovçuları haqda çox eşitmişəm. Çoxları onların əfsanə olduğuna inanır.”
Etrak “Bilirəm,” dedi. “Dəstə üzvlərinin adları hələ də gizli saxlanılır, amma onların varlığını heç kim inkar edə bilməz.”
“Amma həmin dövrdə onların varlığını Üçlük inkar edirdi. Bundan əminəm.”
“İnkar edirdi, çünki həmin döyüşçülər qadağan olunmuş silahdan, sözün qaranlıq sehrindən istifadə edirdilər.”
“Hə, bu haqda da eşitmişdim. Bir çox ekro nə olur olsun şəri xeyirlə məğlub etməyin daha düzgün olacağını və Kölgə Ovçularının dağıdılmağını tələb edirdilər.”
Etrak “Elədir,” dedi. “Buna görə Üçlük, dəstə üzvlərinin kimliyini gizli saxlamağa qərar verdi. Gələcəkdə çətinliklərlə qarşılaşmasınlar deyə.”
Aqren, Etrakın belə bir tarixi onunla bölüşdüyü üçün sevinmişdi. Tarixi ən düzgdün öyrənməyin tək yolunun onu birinci dildən öyrənmək olduğunu hər kəs bilirdi. Uzun ömürləri səbəbi ilə ekroların hər biri yeriyən tarix kitabı idi. Heç bir şişitrmə və yanlış məlumata yer verməyən mükəmməl bir kitab. “Bəs Draqzinin bu adamları, onlara nə oldu?”
“Ovçular onların birindən başqa hamısını ya həbs etdilər ya da öldürdülər. İndi isə biz həmin bir nəfəri axtarırıq.”
“Həmin bir nəfər, sonuncu kölgə, sizcə hələ də sağdı? Çünki onun hələ də yaşamağıyla bağlı bildiyimə görə, heç bir fakt yoxdur. Haqlıyam?”
Aqren, Etrakın yayınmağa çalışdığı bu sualı artıq ikinci dəfədir ki verirdi.
Etrak dayanıb dərin bir nəfəs aldı.
“Uzun illər bundan əvvəl ovçular sonuncu kölgənin yerini tapmışdılar. O, cənubda Juin (ekro dilində qum deməkdir) şəhərinin xarabalığında, yeraltı sığınacaqda gizlənirdi. Daha doğrusu, onlar elə düşünürdü,” Aqrenin sual dolu baxışları altında davam etdi. “Ancaq ora boş idi. Sonradan məlum oldu ki, bura heç sığınacaq belə deyildi. Adi anbar idi. Şəhərin əsas su mənbəyi quruduqdan sonra şəhərlə birlikdə tərk edilmişdi.”
Aqren “Yəni?” dedi tərəddüdlə.
“Yəni heç nə. Üçlük bir əsrə yaxın boş yerə ora-bura qaçdığını görüb dəstəni dağıtmaq qərarına gəldi. Beləliklə, mövzu bir daha açılmamaq üzrə bağlandı. Bəlkə elə belə də lazım idi. Amma bəlkə də qaranlıq güclərin istədiyi elə bu idi, onların yoxluğuna inanmağımız. Bəlkə də gizləndikləri yerdə bizim hazır olmadığımız bir vaxtda həlledici zərbəni vurmaq üçün düzgün vaxtın gəlməyini gözləyirlər. Hətta bəlkə də bütün bunları düz burnumuzun dibində edirlər.”
“Deməli, deyilənlər düzdü,” deyə Aqren düşüncəli halda bildirdi. Etrak Kölgə Ovçuları haqda həddən artığını bilirdi.  “Atam sizin bir vaxtlar  Kölgə Ovçusu olduğunuzu demişdi.”
“Atan, çoxlarının mif saydığı sirlərdən xəbərdar nadir insanlardan idi.”
İnsanlar qaranlıq qüvvələrdən bəhs edən bunun kimi məlumatlardan demək olar ki xəbərsizdilər. Şura iki əsr bundan əvvəl verdiyi qərarla ekrolara, bu haqda insanlara danışmağı qadağan etmişdi. Ekrolar xaric, heç bir insan bu qaranlıq tarixi bilməməli idi. Çünki insanlar hökmdarlarının mükəmməl olduğunu və heç vaxt yanlış etmədiklərini düşünürdülər. Yalnız bəzi insanlar nəsildən-nəslə, dildən-dilə keçən əfsanə və nağıllarda Böyük müharibə, Kölgələr, Kölgə Ovçuları, Sözün qaranlıq sehri və bunun kimi adlar və ya hadisələr eşidirdilər. Etrak isə bir mənada rütbəsinin də verdiyi rahatlıqla şuranın qoyduğu bu cür qaydalara çox da məhəl qoymurdu. O, insanların öz torpaqları olan Neam eyldə (Azar dilində neam – 1. insan, 2. sürgün edilmiş, eyl – dünya deməkdir) baş verən həqiqətləri bilməyə haqları olduğunu düşünürdü. Amma yenə də o bu həqiqətlər barədə bir az ehtiyatla danışırdı, çünki onun fikrincə, həqiqət də olsa, bu cür məlumatlar insanlara zərər verə bilərdi.
Artıq günəş gün ərzində qalxa biləcəyi ən yüksək nöqtəyə qalxmışdı. Ərazi yerdən yüksələn isti hava ilə sanki dalğalanırdı.
Nakralar düşündükləri vaxtda istədikləri yerə gəlib çatmışdılar. Qovurucu istidə əldən düşmüş Aqren, gözlərini önlərində uzanan və sonsuz kimi görünən ərazidə gəzdirərək bu yerə nə qədər nifrət etdiyini düşündü. Etrak sanki heç nə olmamış kimi alnından axaraq qaşından süzülüb az qala gözünə girən tərə əhəmiyyət vermədən, boşluğa baxaraq nə isə düşünür, keçmişdəki hadisələrlə hazırkı vəziyyətlərini müqayisə edərək, bir yol tapmağa çalışırdı. Aqren heç vaxt kölgə ovuna çıxmamışdı. Təbii ki, onun da bu haqda danışılanlara inanmaqda bəzi şübhələri vardı. O, hətta nakra liderinin ona şəxsən verdiyi bu əməliyyatı qəbul etməkdə tərəddüd etmişdi. Ancaq Etrak kimi yüksək dərəcəli bir ekronun bu əməliyyatı qəbul etməyi onu bir anlıq bu nağıla inandırmışdı.
Etrak əlini qaldırıb işarə ilə ondan bir neçə addım uzaqda dayanan silahdaşını çağırdı. “Qulaq as,” dedi, “bu yoxuşu görürsən? Onun ardındakı, Raqa ərazilərinə yaxın düzənlikdən cənuba doğru axtaracağıq. Bu dəfə yalnız sənin hislərinə arxayın ola bilərik, aydındı?”
“Yaxşı, ancaq elə bilirdim mağara axtarırıq.”
“Mən də elə bilirdim. Buna necə fikir vermədim axı?”
Aqren gözlədi.
“Bu cür alçaq təpəliklərdə coğrafi baxımdan təbii mağaranın yaranmağı mümkün deyil. Sığınacaq böyük ehtimalla bizə deyildiyi kimi təbii mağarada yox, hansısa təpə və ya yüksəkliyin altında düzəldilib və görünür, çox yaxşı gizlədilib.”
Döyüşçülərin axtarışa başladığı vaxtdan artıq xeyli keçmişdi. Günəş getdikcə qərbə daha çox əyilir, əyildikcə dözülməz istilik azalmağa başlayırdı. Artıq bəzi sürünənlər və səhra gəmiricilərini görmək mümkün olurdu. Aqren günəşin mövqeyinə baxaraq nə qədər vaxtları qaldığını ölçdü. Meşə zolağından uzaqda olsalar da, geri qayıtmağa vaxtları hələ vardı.
“Bir az tələsmək lazımdı,” dedi qadın nakra. Silahdaşından bir neçə addım kənarda dayanmışdı. “Günəş əyilməyə başlayır.” Etraka çevrilərək səslənsə də, ondan bir az irəlidə hərəkətsiz dayanan döyüşçü onun çağırışına məhəl qoymamışdı. Yerə əyilmiş halda əli ilə nə isə tapdığını işarə edirdi.
Vaxt itirmədən silahdaşına yaxınlaşan qadın nakra, onun torpağı ehtiyatla təmizləyərək bəzi yerləri görünən insan sümüklərinə baxıb “Ölüm səbəbi nədi?” deyə soruşdu.
“Yəqin ilan sancıb, ya da kiçik bir ehtimalla susuzluqdan ölüb.”
Aqren ətrafına baxaraq “Bir insan belə bir xarabalıqda nə gəzirmiş görəsən?” deyə alçaq səslə mızıldandı.
Etrak cəsədin hansı istiqamətdən gəldiyini anlamaq üçün, istidən qar kimi ağarmış sümüklərin üstünü tozdan təmizləyərək qabırğadan aşağı çanaq sümüyünü, sonra da ayaq sümüklərinin istiqamətini təyin etdi. Cəsədin çökmüş onurğa sümüyü digər sümüklərin üstündə idi, yəni yerə üzü üstə düşmüşdü, başı şimala, ayaqları isə cənuba yönəlmişdi ki, bu da onun böyük ehtimalla cənubdan gəldiyini göstərirdi. Ancaq nakraların ağlında bir sual vardı, buradan cənubda heç bir kənd və ya qəbilə yox idi. Nə bir qarış yararlı torpaq, nə də su vardı. Ucsuz çöllər və səhradan başqa heç nə.
“Necə düşünürsən,” Etrak düşüncəli baxışla dedi, “onunla sığınacaq arasında bağ olub-olmadığını anlaya bilərsən?”
Qırmızı saçlı nakra sümüklərə diqqətlə baxıb əminliklə “Əlbəttə,” dedi. Əlini sümüklərin üzərində gəzdirərək gözlərini yumdu. “Sığınacaqda yaşayırmış, qaçarkən yaralı olub və çox qorxub,” kiçik bir səssizlikdən sonra, ”Ölməzdən əvvəl çox qaçmayıb, haradan gəlibsə elə də uzaqda deyil… hə, yaxındadı,” deyə əlavə etdikdən sonra ayağa qalxaraq üzünü cənuba çevirdi.
Etrak ayağa qalxıb “Nəhayət,” deyə onun baxdığı istiqamətə baxdı.
Tez zamanda təpəciyə yaxınlaşan Etrak, kəskin gözləri ilə sığınacağın girişini uzaqdan görmüşdü. Lakin giriş qalın torpaq altında qalmışdı. Etrakın diqqətini çəkən də elə bu girişin torpaq altından çətinliklə görülən daş sütunları idi. Giriş çoxdan bağlanmışdı, özü də, görünür, bu təbii fəlakətdən yox, kimlərsə tərəfindən şüurlu şəkildə edilmişdi. Etrak təəccüb içində girişin qalın torpaqla örtüldüyünə baxsa da, Aqren nədənsə buna heç də təəccüblənmədi (bəlkə də bunu əvvəlcədən hiss etmişdi).
Etrak sanki bu qədər yolu bunu görmək qorxusuyla gəlmişdi. Hətta axtarışlar zamanı o, sığınacağı tapmayacağından daha çox onun boş çıxacağından, tərk edilmiş olacağından qorxurdu. Tarix yenidən təkrarlanırdı, ona verilmiş bu son şansı dəyərləndirə bilməmişdi, ancaq təslim olmaq fikrində də deyildi. Tərk edilmiş də olsa, içəri girmək fikrindən daşınmamışdı. Girişə yaxınlaşaraq onu örtmüş torpaq kütləsinin təmizlənməsinin nə qədər vaxt alacağını ölçməyə çalışan Etrak, daş kimi bərkimiş torpağı bir neçə dəqiqə gözü ilə süzərək iki nəfər üçün bunun mümkünsüz olduğunu, mümkün olsa belə vaxtlarının kifayət etməyəcəyini anladı.
“İçəri girməliyik.”
Aqren, ona qəribə gələn bu yeni qərarı qarşısında heyrətini gizlətmədən silahdaşının üzünə baxaraq “Bağışlayın, amma ora necə girməyi düşünürsünüz?” deyə bildirdi. “Bir də ki lap deyək girdik, sığınacaq görünür çoxdan tərk edilib. Siz özünüz dediniz ki, bundan əvvəlki axtarışlarda da bunun kimi tərk edilmiş sığınacaqlarla qarşılaşmısınız. Sizcə də, biz boş yerə vaxt itirmirik?”
“Onu tapdıqdan sonra qapı bağlıdır deyə, gözümüzü yumub gedə bilmərik, içəridə nə olduğunu, ya da nəyi gizlətdiklərini bilməliyik.”
“Bu girişi təmizləmək günlərimizi, hətta həftələrimizi alacaq. Nə etmək fikrindəsiniz?”
Etrak “Səncə o,” deyə başıyla bayaqkı sümüklərin olduğu yeri göstərərək, “buradan giriş bağlandıqdan əvvəl, ya sonra çıxıb?” deyə soruşdu.
“Demək istəyirsiniz başqa giriş də var?“
“Bu mümkündü. Onu tapa bilərsən?”
Aqren “Əgər varsa bəlkə,” dedi tərəddüdlə. “Ancaq mən çox yorulmuşam, bunun bir faydası olmaya bilər. İçərini görmək üçün çox enerjiyə ehtiyacım var. Bəlkə sabah?”
Etrak başını yellədərək “Sabah olmaz,” deyə etiraz etdi. “Çox gecdi, burada onsuz da kifayət qədər vaxt itirmişik.”
Qadın nakra bezgin bir nəfəs alaraq “Mən heç haradan başlayacağımı bilmirəm,” dedi, səs tonuna çətinliklə hakim olurdu. “İçəri yəqin ki, qaranlıqdı, hara gedəcəyimi necə biləcəm?”
“Narahat olma. Sənə istiqamət verərəm.”
Aqren mübahisə etməyin bir mənası olmadığını anlayıb “Yaxşı,” dedi. Girişə yaxınlaşaraq gözlərini yumub fikrini cəmlədi. Yalnız, onun kimilərin sahib olduğu bu bənzərsiz gücdən istifadə etmək Aqrenin heç vaxt xoşuna gəlmirdi. Ruhunu bədənindən ayırmaq həm yorucu, həm də təhlükəli idi.
Qadın nakra başını əyib fikrini cəmləyərkən, Etrak “Giriş düz önümüzdədi,” deyə bildirərək silahdaşına yol göstərdi. “Ehtimal ki, əsas dəhliz sağa əyilərək şərqə yönəlir… nə isə görürsən?”
Bir anlıq səssizlikdən sonra üzündə yaranan ifadəylə pıçıltılı səslər çıxarmağa başlayan Aqren, nəyəsə baxırmış kimi başını sağa-sola çevirərək “Qaranlıqdı. Heç nə görmürəm,” dedi.
Silahdaşının gücdən düşərək titrəməyə başlayan ayaqlarını görüb onun belindən qavrayan Etrak, bunun çox davam edə bilməyəcəyini anlayıb ”Aqren, işıq… işıq axtarmağa çalış,” deyə qulağına pıçıldadı.
“Heç nə görmürəm, zibil! Qaranlıqdı… deyəsən dəhlizdəyəm,” deyə yavaş-yavaş zəifləyən səs tonuyla bildirən Aqren gözlərini açaraq yorğunluq içərisində özünü silahdaşının qollarına təslim etdi.
Qısa müddətlik huşsuzluqdan ayılaraq yavaş-yavaş gözlərini açan Aqren, ona maraqla baxan Etrakı görüb ayağa qalxdı. Bu vaxt ərzində təcrübəli nakra, onun oyanmağını səbirlə gözləmişdi.
Hava artıq qaralırdı, günəş qərbə əyilmiş, qürub etməyə hazırlaşırdı. Etrak gördükləri haqda ondan soruşmaq üçün tam özünə gəlməyini gözləsə də, Aqren “Başqa giriş var,” deyə bildirdi.
“Yerini görə bildin?”
“Cənub şərqdə, gün batmamış çatarıq.”
“Çox gözəl.”
“Ustad,” deyə Aqren, Etrakı saxladı “Bura ilə bağlı çox qəribə hislərim var.”
Etrak gözlədi.
“Ölüm,” dedi Aqren “Çoxlu ölüm hiss edirəm.”
Etrak “Narahat olma,” dedi.
Qarşısında durduqları təpənin üstünə çıxaraq öncə şərqə gedib, yenidən yoxuş aşağı enərək cənuba yönəldilər. Aqrenin rəhbərliyi altında bir müddət yeriyərək hiss etdiyi o kiçik işıq sızıntısının yerini tapmaqları çətin olmamışdı.
İlk baxışda təbii halda yaranmış yarığa bənzəyən giriş, olduqca ensiz və alçaq idi. Hətta Aqren içəri keçərkən başını əymək məcburiyyətində qalmışdı.
Etrak, ətrafı sürətlə nəzərdən keçirib divara bərkidilmiş məşəli çıxararaq yandırdı. Alovlanan məşəlin işığında girdikləri yer aydın görünürdü.
Məşəlin ətrafı işıqlandırmağı ilə hər iki nakra gözləmədikləri bir mənzərə ilə qarşılaşdılar.  Səliqə ilə düzülmüş on dörd yataq, otağın iki küncündə üstü kitabla dolu masalar və yerə sərilmiş xalçası ilə daha çox yataqxanaya bənzəyən otağın qapısı dəmir barmaqlıqlardan hazırlanmışdı.
“Görəsən, bu yataqlar nə üçündür?” soruşdu Aqren.
“İndi bilərik,” dedi təcrübəli nakra.
Etrak və Aqren otaqdan dəhlizə açılan qapıdan çıxıb titrək atəşin işığında dəhlizlə irəliləməyə başladılar. Görünür, girdikləri otaq dəhlizin son otağı idi, oradan çıxdıqdan sonra dəhliz on addım uzanıb sola qıvrılırdı. Dəhlizlə irəlilədikcə Aqren daha da heyrətə düşürdü. O, buranın döşəməsi kələ-kötür, divarları nəm, tavanı isə alçaq bir yer kimi təsəvvür etmişdi. Ancaq gördükləri bunun tam əksi idi. Döşəmə və divarlar düzgün yonulmuş daşlarla hörülmüşdü, tavan hətta onun görə bilmədiyi qədər yüksəkdə dayanırdı.
“İndi hara?” yol ayrıcına çatan təcrübəli nakra bu gün olduqca böyük nailiyyət əldə edən silahdaşına üzünü çevirərək soruşdu.
“Sağa.”
Dəhlizin sağ tərəfində geniş bir otağa açılan dəmir qapı vardı. Aqren otağın təhlükəsizliyindən əmin olub, otaqdakı məşəlləri yandıraraq buranı lazımi dərəcədə işıqlandırdı. Etrak, otaq aydınlandıqca daha bir gözləmədiyi mənzərə ilə qarşılaşdı, bura sığınacağın kitabxanası və tədqiqat otağı idi, ancaq ona gözlənilməz gələn mənzərə bu deyil, yerdəki insan sümükləri idi.
“Burada nə baş verib?” deyə Aqren heyrətlə soruşdu.
Etrak yerdəki cəsədlərdən birinə yaxınlaşıb öncə çürümüş paltarlarına baxıb sonra da bəziləri bir-birinə qarışmış sümük yığınında neçə cəsədin olduğunu dəqiq anlamaq üçün kəllə sümüklərini saydı. “On üç nəfər,” deyə ayağa qalxaraq bildirdi.
“Yataqxanada on dörd yataq var,” dedi Aqren.
“Deyəsən, biri biz gələn yerdən qaçıb.”
“Bunu vidralar edib?” qadın nakra otağın içində bir şey tapmaq ümidi ilə fırlanaraq soruşdu.
Etrak “Yox, inanmıram,” deyə ciddiyyətlə bildirdi. “Bunu vidralar etsəydi, onların hər parçası otağın bir küncündə olardı.”
“Zəhərlənmə?”
“Bəlkə də. Əsas sual, hamısının qapalı qapı arxasında ölümüdü,” deyərək təcrübəli nakra yerdəki bir cəsədin parça-parça olmuş paltarını xəncəri ilə kəsib sümüklərdəki izlərə baxdı.
Aqren isə toz basmış kağız və kitablar arasında yararlı məlumatlar tapmaq ümidi ilə axtarmağa başladı. Amma çoxu, köhnə Azar dilində tibb kitablarından ibarət yararsız məlumatlar idi.
Sümük yığınlarının ətrafında gəzərək daha dolğun məlumat toplamağa çalışan Etrak, hər cəsəddə eyni izləri və qabırğada meydana gəlmiş çatları gördükcə başını tərpədib, cəsədlərlə ehtimallar arasında bir körpü qurmağa çalışırdı. Bu vaxta qədər Aqren toz arasında yararlı bir şey tapmayacağını anlayıb cəsədlərin ciblərini axtarmağa başlamışdı.
Etrak uzun müddət çəkən araşdırma nəticəsində deyəsən bir nəticəyə gəlmişdi, ayağa qalxıb dərin bir nəfəs dərdi. Xəncərini qınına salıb toz basmış stula oturaraq ovcu ilə üzünü ovuşdurdu.
“Etrak,” əlində kiçik kitabça tutan silahdaşı ona səsləndi, “buna baxın.” Kitabçanı sümüklərin üstündən ehtiyatla keçərək təqdim etdi. “Cəsədin üstündən tapdım, deyəsən gündəlikdi.”
Etrak əl böyüklüyündə nazik kitabçanı götürərək maraqla açdı. Qan, ilk səhifələrindəki mürəkkəbi tamam oxunmaz hala salıb səhifələri bir-birinə yapışdırdığı üçün növbəti oxunaqlı səhifədən başlayaraq gərəkli bildiyi yerləri oxudu.
Yanan məşəllərdən birini götürən Aqren, dəhlizə çıxıb başqa otaqları yoxlamağa getdi.

72-ci gün: Bu gün yataq otağına daha dörd yataq gətirdilər, elə həmin gün bir təbib və üç kimyagərin tədqiqat qrupuna qatılmağıyla on dörd nəfər olduq. Məncə, dördü də gördükləri işə görə çox gəncdirlər, ancaq nəzarətçilər onlara inanır. Düşünürəm tədqiqat qrupuna daha heç kəs qatılmayacaq, ancaq yeni baxıcıya ehtiyacımız var. Bu lənətə gəlmiş məxluqlar hər həftə bir baxıcını öldürürlər. Axırıncısı qaçmağa çalışan vidranı yalın əllə tutmağa çalışarkən öldü, daha doğrusu, vidra onu ortadan iki yerə böldü. Bu əsl dəhşət idi…

Qəfil qapıda görünən Aqren “Ustad,” dedi həyəcanla, “deyəsən bir şey tapdım.”
Etrak günlüyü kiçik çantasına yerləşdirib silahdaşını izləyərək çıxdıqları otaqdan iyirmi addım uzaqlıqda olan başqa bir otağa girdilər. Otağın girişi iki qat dəmir barmaqlıqlarla qorunsa da qapısı açıq idi. Aqren buradakı divara bərkidilmiş məşəlləri ilk gəlişində artıq yandırmışdı. Qaranlığa doğru uzanan ensiz otaq, nəm və soyuq idi. Qapının yanındakı kiçik otaqda müxtəlif dəmir alətlər, zəncir və nizəyə bənzər əşyalar məşəlin titrək alovunda parlayırdı. Daha çox enli dəhlizə bənzəyən otağın hər iki tərəfində otuza yaxın divara oyulmuş hücrə vardı. Etrak əlində məşəl tutmuş Aqrenlə birlikdə otağın sonuna doğru səbirli addımlarla irəliləməyə başladı. Hücrələrin hamısının qapısı bağlı, bir çoxununsa içində vidra sümükləri vardı.
Aqren, “Görəsən, bu vidraları nə məqsədlə saxlayırdılar?” soruşaraq barmaqlıqlardan birinə yaxınlaşdı.
Etrak otağın sonunda qaralan başqa bir otağın girişini görərək “İndi bilərik,” dedi əminliklə. Silahdaşından məşəli alaraq növbəti otağa öndən girdi. Onun girməyi ilə aydınlanan otaq, Etrak kimi döyüşçünün də tüklərini ürpətdi. Zəncirlə tavandan asılan vidra cəsədi, qanlı əməliyyat masası və duzlu suda saxlanan müxtəlif orqanlar.
Silahdaşının ardınca otağa girən Aqren, gördüyü mənzərə və duyduğu bərbad qoxu təsiri ilə əlini burnuna aparıb “Bu nədi belə?” deyə heyrətini gizlətmədi.
Etrak tavandan asılaraq qurudulmuş, lakin buna baxmayaraq görünüşünü çox da itirməyən məxluqa diqqətlə nəzər yetirdi. Bədənindəki su tamam çəkildiyi üçün normalda olduğundan daha arıq görünən cəsəd, boyda döyüşçüylə eyni idi. Başı bir ayının başına oxşasa da, ağzı daha geniş və böyük idi. Bədəni, sanki, həddən artıq kökəlmiş və böyümüş canavarın bədəninə oxşayırdı, böyük dişlərini örtən dodağı quruyaraq çəkilmişdi.
Etrak məşəli bir az da yaxınlaşdırıb xəncərini qınından çıxararaq məxluqun ustalıqla kəsilmiş və yenidən tikilmiş sinəsinə baxdı. Hələ də əli burnunda gəzən Aqren “Deyəsən, onlar vidralar üzərində bəzi təcrübələr aparırdılar,” dedi. “Başa düşmürəm bu onların nəyinə lazımdı?”
“Bunu görürsən?” deyə Etrak xəncərinin ucu ilə cəsədin bədənindəki seyrək tükləri göstərdi. “Əvvəllər buna bənzər bir şey görmüşdün?”
Əlini burnundan çəkib bayaqdan fikir vermədiyi qəribə bir fakta gözlərini zilləyən Aqren, çaşqınlıqdan nə deyəcəyini bilmədi. Vidraların dərisi qurbağa dərisinə bənzəyir və bədənlərinin heç bir yerində tük olmur. Elə bu səbəbdən onlar soyuğa və əsasən də gün işığına qarşı çox dözümsüzdürlər.
“Təqribən doxsan il bundan əvvəl,” Etrak xəncərini yenidən qınına saldı, “biz şimala yaxın kəndlərdən birində buna bənzər ölü bir vidra tapmışdıq.”
“Siz şimal dediniz?” Təəccüblə soruşdu qadın nakra, “Axı vidralar…”
“Bilirəm soyuğa dözümsüzdülər. Ancaq tapdığımız bu məxluq, ölü olsa da soyuğa davamlı olduğunu təyin etdik,” dedi Etrak. “Bədəni eynən bunun kimi seyrək tüklə örtülmüşdü və demək olar ki, bütün orqanları sıradan çıxmışdı. Alimlərimiz bunun təsadüfən yaranmış, sürətli uyğunlaşma olduğunu və bu səbəbdən daxili orqanlarının inkişaf sabitliyinin pozulduğunu dedilər.”
“Amma eyni uyğunlaşma iki fərqli vidrada ola bilməz,” deyə Aqren silahdaşının fikrini tamamladı.
Etrak başını tərpətdi.
“Yəni demək istəyirsiniz onları kimsə soyuğa uyğunlaşdırmaq istəyib?” deyə soruşdu Aqren. “Bunu nə məqsədlə etsinlər?”
Etrak “Əsas sual bu deyil,” deyə bildirdi. “Əsas sual, sığınacağı niyə tərk etdikləridir. Onlar buranı demək olar ki, bir gündə tərk ediblər və özləri ilə heç nə götürməyiblər. Hətta alimləri də öz təcrübələri ilə birlikdə basdırıblar.”
“Bəlkə, boş yerə çalışdıqlarını anlayıb bu işdən əl çəkiblər.”
“İnanmıram,” dedi təcrübəli nakra əminliklə. “Kölgələr belə tez təslim olsaydı, dörd yüz il onlarla mübarizə aparmağa məcbur olmazdıq,” deyərək otağın çıxışına yaxınlaşdı. “Gedək, burada görəcək işimiz qalmadı.”

2
Sİrlİ qoca
Təsadüf – yaradıcının insanlar üçün yazdığı taleyi gerçəkləşdirmə üsullarından biridir.
    (Aarsin qəbiləsi, atalar sözü.)
Üfüqdən aramla çıxan günəş, dağ ətəyində qurulmuş, Dor kəndi üzərinə qırmızı şəfəqlərini salırdı. Bu kənd çox yeni olmağına baxmayaraq artıq bir çox kəndli ailələr üçün yuvaya çevrilmişdi. Çox təhlükəli yerlər olduğu üçün əvvəllər yeni yaradılacaq bu gözdən uzaq kənddə heç kəs qalmaq istəmirdi. Ancaq Raqa hökmdarının ikiqat müdafiə, ev və torpaqların qarşılıqsız paylanması haqda verdiyi vədlər bəziləri üçün qaçırılmaz təklif kimi görünmüşdü. İlk başlarda sakini az olsa da, sonralar buranı öz evləri kimi qəbul edənlərin sayı elə sürətlə artmağa başladı ki, hətta beş il ərzində kəndin müdafiə çəpərini iki dəfə genişləndirmək lazım gəlmişdi.
Qəsəbə və şəhərlərdən uzaq olan kəndə, demək olar yad insan gəlmir, gəldikdə isə Dor sakinləri onu öz evlərində qonaq qalsın deyə az qala məcbur edirlər. Necə olsa da bura kiçik bir kənddir və çox az əyləncə imkanları var. Odur ki, hər yeni sakin danışacağı yeni əhvalat və ya mənsub olduğu yerlərin nağılları kəndə bir müddətlik rəng qata bilərdi.
Eçso da bu cür qonaqlardan biridir. Eçso buralı deyil. O, Şimal İkram qəbiləsində yaşlı nənəsi ilə birlikdə yaşayır. Nənəsi təbib olduğundan və bu mövsümdə şimaldakı bitki örtüyü qoyunları otarmağa belə azlıq etdiyindən o, artıq üç ildir ki, hər altı ayda bir tükənmiş dərman ehtiyatlarını bərpa etmək üçün bu kəndə gəlir. Bir çox yeri hələ də kəşf edilməmiş, zəngin bitki örtüyünə sahib Dor kəndi, onun kimilər, yəni xeneralar (təbib köməkçisi) üçün əsl cənnət sayılırdı.
Əlində toxunma səbətlə kəndin yenicə aydınlanmağa başlayan kələ-kötür küçəsində görünən ilk insan, orta boylu, dolu cüssəli gənc Eçso oldu. Ayağında şimallılara xas sadə dəri ayaqqabı və özünə məxsus açıq qəhvəyi yay paltarı geyinmişdi. Kənardan bəzilərinə görə kök görünən Eçsonun çəkisi ilə heç bir narazılığı yox idi. Onun gəldiyi yerdə bu cür bədən quruluşu hətta ideal sayılırdı. Yumru sifətinə xoş bir görünüş verən tünd qəhvəyi göz rəngi qalın qaşının yaratdığı kölgədə çətinliklə seçilirdi. Əlini başına atıb dağınıq saçını düzəltmək üçün sığallayan Eçso, əsnəyərək ətrafına boylandı.
Kifayət qədər yaxşı qorunmağına və gün işığı ilə təhlükə riskinin aradan qalxmağına baxmayaraq, insanlar bayıra çıxmazdan əvvəl bir müddət evlərində günəşin özünü tam göstərməyini gözləyirdilər. Eçso isə bu cür ehtiyata gərək duymurdu. Qarşılıqsız olaraq ona evlərində qalmaq nəzakəti göstərən ailə onun şimaldan – yəni vidraların çox az olduğu yerlərdən gəldiyi üçün bu qorxunc məxluqların nəyə qadir olduqlarını bilmədiyini düşünürlər. Lakin bu belə deyil. Düzdü, onun yaşadığı yerdə vidralar azdı, ancaq o, məxluqların nə qədər qəddar və təhlükəli olduğunu bu kənddə yaşayan hər kəsdən yaxşı bilir.
Həm də o, xenera idi. Onun işi nadir tapılan şəfalı bitkiləri toplamaqdı ki, bu işdə gün çıxdıqdan sonra keçən hər bir saat onun əleyhinə işləyir. Çünki sarı çiçək, mora və qrimlu kimi nadir çiçəklərin, hansı ki, bunlarla olduqca ağır xəstəliklər müalicə olunur, günəşin doğuşu ilə ən yararlı yerləri olan ləçəkləri solaraq tökülür, ya da təsiri azalır.
Son dəfə ona lazım olan ləvazimatları götürdüyünə əmin olan Eçso, kənddəki yeganə geniş küçə ilə taxta evlərin və ağacların yanından keçərək çıxışa yaxınlaşdı. Kəndin, yalnız, bir giriş və çıxışı vardı. Yoğun ağaclardan hazırlanmış hündür darvazaya xaricdən iti uclu dəmir iynələr bərkidilmişdi. Daxildən isə dörd addım hündürlüyündə tək nəfərlik gözətçi qülləsi yüksəlirdi. Bu cür qüllələr günəş batana yaxın kəndliləri xəbərdar etmək və kəndə hücum olarsa, kömək çağırmaq üçün istifadə olunurdu.
Eçso qüllə nəzarətçisinin oturduğu yerdə yatdığını görüb bezgin nəfəs dərdi. O bu cür mənzərə ilə demək olar ki, hər səhər qarşılaşırdı. Darvazanı yalnız nəzarətçi və bir də qazzalar aça bilərdi. Onların xaricində heç kəs qapıya toxuna bilməzdi. Eçso qazza görmək ümidi ilə ətrafa boylandı. Ancaq bu vaxta qazzalar nadir hallarda qalardılar. Son çıxış yolu olaraq hər səhər etdiyi şeyi etmək məcburiyyətində qaldığını anlayıb yerə əyilərək bir neçə kiçik daş götürdü. Əlindəkilərdən yaxşısını seçib nəzarətçinin başı üstündəki zəngi nişan alıb atdı. Daşın dəyməsi ilə zəngin çıxardığı zil səsi nəzarətçini yerindən dik atdı. Başını qaldırıb yuxusuzluqdan qızarmış gözlərini bərəldərək bir neçə saniyə sərsəmcə ətrafa boylanan nəzarətçi, qapının ağzında Eçsonu görüb sakitləşdi.
Eçso günahkarca əlini qaldırıb “Sabahınız xeyir, cənab Mudi,” dedi. “Bağışlayın, bunu etmək istəməzdim ancaq…”
“Eybi yoxdu cavan oğlan, sənə olar.” Mudi əli ilə üzünü ovuşdurub, “Ancaq sənə, bunu qazzalar belə etsə inan ki onları bir də içəri buraxmaram,” deyərək nərdivandan aşağı enməyə başladı.
“Sizə inanıram.”
Eçso kənddə hər kəsdən tez durduğu üçün darvazanı qoruyan nəzarətçi ilə ən çox əlaqə saxlayan insan idi. Əsl adı çox uzun və qəribə tələffüz olunduğu üçün hər kəs ona Mudi deyirdi. Aralarındakı yaş fərqinə baxmayaraq Eçsonun şirin dili və yerimə tərzi ona ölmüş oğlunu xatırlatdığı üçün qısa vaxtda dost olmuşdular.
“Bəs qazzalar çoxdan gedib?” Eçso, söz olsun deyə soruşdu.
“Həəə çoxdan. Elə gecəyarısı bir dənəsi gəlmişdi, o da heç bir az durmadı getdi.”
“Gecəyarısı? niyə belə gec?”
“Nə bilim. Bu döyüşçü millətini bilmirsən? Sual verəndə elə bil daşla danışırsan. Heç nə demədi. Gecənin bir yarısı gəldi, sonra da işim var deyib getdi.”
Qəribə görünüşlü açarı çıxarıb (açardan çox, kiçik çəkicə bənzəyirdi) darvazanın qapısını açdı. Qapını aralayıb Eçsoya yol verərək “Yaxşı, ehtiyatlı ol. Belə vaxtı meşəliyə yaxın yerlərdə hələ də vidra ola bilər,” deyə xəbərdarlıq etdi.
Eçso “Olaram,” dedi qapıdan çıxarkən.
Eçso keçən illərdən fərqli olaraq bu il bir neçə gün evə qayıtmaqda gecikmişdi. Yazın əvvəlində gələn ani çovğun demək olar ki, bütün bitki örtüyünü məhv etdiyi üçün o, evə əliboş qayıtmaq yerinə çovğunun dəymədiyi dağətəyi qapalı yer axtarırdı ki, dünən belə bir yer tapmışdı. Kəndin yaxınlığında gözdən uzaq bu yer, hündür dağ və sıx meşənin əhatəsində bitkilərin zərər görmədiyi, bəlkə də, yeganə yer idi. Eçso həmin yerə çatıb əraziyə göz gəzdirdikcə dağ ətəyində bənzərsiz gözəlliyə sahib bu yamacın, onun təxmin etdiyindən də zəngin və toxunulmaz qaldığını görürdü.
Rəngarəng çiçəklərlə örtülü kiçik ərazi, şimala doğru yüksələrək otların seyrəldiyi qayalıqlarda sonlanırdı. Ləngimədən işə başlayan gənc Eçso, orda-burda bitmiş bitkiləri iti gözləri ilə çətinlik çəkmədən taparaq bəzilərinin çiçəyini, bəzilərini dibindən qoparır, bəzilərini isə gətirdiyi enli bıçaqla kökündən çıxarıb səliqə ilə səbətə yığırdı. Çöhrəsindəki gülümsəmə azalmaq bilmirdi. Çoxdandır bu qədər bitki toplamamışdı. “Yaxşı ki, böyük səbət götürmüşəm,” deyə düşündü. Hələ təzə gəlməyinə baxmayaraq indidən səbət yarısına qədər dolmuşdu.
Eçso gün batdıqda buraların nə qədər təhlükəli olduğunu düşündü. Kəndlilərin dediyinə görə, nəhəng vidralar tutduqları qurbanlarını burada işgəncə ilə öldürürdülər. Hətta səslərinin kəndə qədər gəldiyini belə eşidənlər olmuşdu. Amma o bu səslərin heç vaxt şahidi olmamışdı. Daha çox bunların uşaqları qorxutmaq üçün uydurulduğuna inanırdı. Bu düşüncələrlə təpəyə doğru, qayaların üstü ilə ehtiyatlı addımlarla çıxaraq işinə ara vermədən davam etdi.
Çiçəklərin biri-birinə qarışmış məstedici ətri, qarlı dağların zirvəsindən süzülərək gələn təmiz havası və səhərin açılmağı ilə hər yanı götürmüş o gözəl quş səslərinə artıq fikir vermirdi.
Birdən başını qaldırıb qorxu ilə ətrafa boylanan Eçso, az əvvəl insan qışqırığına bənzər bir səs eşitdiyinə əmin idi. Nəfəsini tutaraq yerində ətrafına boylanıb səsin gəldiyi yeri təyin etməyə çalışsa da, heç nə görməməyi onu daha da qorxudurdu. Az əvvəl günün doğuşu ilə sevinc mahnıları oxuyan quşlar, təpəni ölüm səssizliyinə tərk etmişdilər. Gənc oğlan dağın arxasından tamam çıxmış, parlaq oxları ilə hər yana işıq saçan günəşə baxıb onu heç bir təhlükənin gözləmədiyinə və qışqırıq məsələsini özü uydurduğunu düşünməyə çalışdı.
Səbət dolmuşdu. Son dəfə əli ilə lazım olan hər şeyi yığıb-yığmadığını yoxladıqdan sonra dirçələrək özündən asılı olmadan zirvəyə doğru nəzər saldı. Gözünə dəyən bir şey onun gözlərini qırparaq daha da diqqətlə baxmasına səbəb olmuşdu. Bu iki çılpaq daşın arasında bitmiş nənəsinin çoxdandı axtardığı nadir tapılan qısa gövdəli siyadan başqa heç nə deyildi. Səbəti olduğu yerə qoyaraq yuxarı çıxmaq üçün ön baxış keçirdikdən sonra yenidən dırmaşmağa başladı.
Olduqca sevincli görünürdü və deyəsən, bayaqkı narahatlığı unutmuşdu. Çiçəyin yanına çatıb onu çıxarmağa başlayanda nə qədər yüksəkdə olduğunu gördü, heç bu qədər yüksəyə qalxmamışdı, amma hal-hazırda qalxdığına peşman da deyildi. Çünki bu nadir çiçək istənilən əziyyətə dəyərdi. Bu ot bir vaxtlar yayılmış və minlərlə insanın həyatına son qoymuş dəhşətli xəstəliyə qarşı dərman hazırlamaq üçün istifadə olunan yeganə bitkidir. Siyanın təkcə bir zoğundan hazırlanan dərman, ən az otuz nəfəri ölümdən xilas etmə gücünə sahib olduğu üçün o ən dəyərli dərman otları içində birinci gəlirdi. Bundan başqa onu satmaq da çox asan idi. İstənilən şəhərdə bu çiçəyi asanlıqla sata və ya bir çox dəyərli mal qarşılığında dəyişə bilərdi.
Eçso çiçəyin zərif gövdəsindən tutub ustalıqla kökündən çıxardı. Durduğu yerdən boylanaraq səbətin olduğu yerə baxıb, tək əli ilə necə düşəcəyini bir gözünü qıyaraq düşünürdü. Külək bir neçə saniyəlik dayanıb xışıldayan ağacların səsi kəsiləndə, qulağına qəribə bir uğultu səsi gələn Eçso, ayağa qalxıb səsin istiqamətini tapmağa çalışdı. Aramsız olaraq, sanki, dərin bir quyudan gələn səs, yuxarıdan, onun bir neçə addımlığından gəlirdi. Eçso adətən nənəsinin məşhur Tanımadığın ot sənə yalnız ziyan gətirər tövsiyəsinə uymağı üstün tutardı. Ancaq bu gün yox. Sabah evə qayıdacağının, həm də əlidolu qayıdacağının ona verdiyi sevinc hissi, görünür bəzi tövsiyələri unutdurmuşdu.
Çiçəyi ehtiyatla daşın üstünə qoyub yuxarı dırmaşdı. Bir neçə addımlıq məsafə çıxıb ona qəribə gələn, yola bənzər düz zəminə qalxdı. Ensiz yol sağ tərəfə, aşağı doğru uzanırdı. Eçso qulağını qabardıb səsin gəldiyi yerə tərəf yolu izlədi. O, irəlilədikcə, dərinlikdən gələn anlaşılmaz uğultu, daha da aydınlaşmağa başlayır, daha çox onlarla vidranın xırıltısına bənzəyirdi. Özü nə qədər inkar etməyə çalışsa da, bağrında dəli kimi döyünən ürəyi və hər hərəkətə reaksiya verən gözləri əslində nə qədər qorxduğunun ən bariz dəlili idi.
Bir neçə addım tərəddüdlə səsin artdığı yerə doğru gedib dəhşət içində geniş və qaranlıq girişi olan mağaraya baxdı. Eçso artıq kənd sakinlərinin nə üçün bura gəlmədiyini anlamışdı. Bu dağda böyük bir vidra yuvası var və o, hal-hazırda bu yuvanın on addımlığında dayanmışdı. Mağaranın ağzındakı hələ təzəcə qurumuş qan ləkələri buradan getmək, hətta qaçmaq vaxtının çoxdan gəldiyini göstərirdi. Cəsur görünməyin mənasız olduğunu anlayan Eçso, sürətlə arxaya çevrilərək qaçdı. Amma bu qaçış iki addımı keçməmişdi.
Heç üzünü çevirməmiş bərk bir cismə dəyərək yerə yıxıldı. O an nə olduğunu və nə ilə qarşılaşdığını anlamamışdı. Başını qaldıran zaman, belindən asılan böyük qılıncı ilə, iri əzələli qollarını sinəsində birləşdirmiş qazza gördü. Döyüşçü dəmir piltələrdən hazırlanmış ağır zireh geyinmişdi. Hər iki qolundakı enli biləklik və ayağındakı dəmir dizliklər iti tikanlarla örtülmüşdü. Qara, çirkin sifətində dərin caynaq izlərini və bu izlərin üzərindəki səliqəli tikişləri görmək mümkün idi.
Qazzalar eynən nakralar kimi sabitlik və insanların təhlükəsizliyini təmin edən döyüşçülərdir. Döyüş texnikası və iri cüssələri ilə nakralardan tamam fərqlənən qazzalar, adətən idarəsi daha asan olan nakra qılıncının əksinə ağır qılınclardan (daha çox enli, baltaya bənzər qılınclardan) və ağır zirehli geyimlərdən istifadə edirlər. Bədən quruluşlarından, cəldlik üçün yox, zərbəyə davamlılıq və ağır zərbələr endirmək üçün təlim gördükləri aydın olurdu.
Qazzalar iki növə ayrılırlar: müdafiəçilər və mühafizəçilər. Müdafiəçilər yalnız gecələr, insanları və kəndləri vidralardan qorumaq üçün işləyirlər. Mühafizəçilər isə, qanun pozuntularına qarşı mübarizə aparırlar. Bu səbəbdən geyimləri daha xəfif, bədən quruluşları isə daha kiçik olur. Mühafizəçilər əksərən təlimini yeni bitirmiş qazzalar olduğu kimi müdafiəçilər təcrübəli və güclü döyüşçülərdən seçilirdi.
Döyüşçü yarı hirsli, yarı təəccüblü baxışlarla rəngi solmuş gəncə izah gözləyən gözlərlə bir müddət baxdı.
Eçso həyəcanla dərin-dərin nəfəs alaraq çətinliklə “Ba… bağışlayın,” dedi, “mən – burada ot… çiçək yığırdım, səs eşitdim…”
Döyüşçü bu qəribə cümlənin arxasından üzünü qırışdırıb “Nə işin var sənin burada?!” deyə şiddətlə qışqırdı. “Buranın nə qədər təhlükəli olduğundan xəbərin var?!”
“Mən xenerayam, aşağıdan çiçək yığırdım, sonra bunu… burada səsi gördüm, yəni… yəni eşitdim,” deyə yerdən qalxaraq barmağı ilə mağaranın girişini göstərdi. “O mağaradan qəribə səslər gəlirdi, mən də…”
“Sən də içəridə nə olduğunu görmək istədin, hə?” Qazza gözünü ağardaraq əlini Eçsonun çiyninə qoyub dedi.
“Yox mən, sadəcə, səsi…”
“Çox cəsursan oğlan, içəridə nə olduğunu görmək istəyirsən?”
Bu söhbətin yaxşı yerə getmədiyini hiss edən Eçso, qarşısındakının onu ciddi qəbul etmədiyini anlamışdı.
“Bağışlayın, mən… mən qadağan olduğunu bilmirdim, mən bura gəlməməliydim.”
Çirkin üzlü yekəpər qazza “Gəlməməliydin,” istehza qarışıq hirslə dedi, “amma gəldin… düzdü?”
“Mən bir də heç vaxt…”
Döyüşçü Eçsonun yaxasından tutaraq qorxudan ağarmış sifətini öz qara, çirkin sifətinə yaxınlaşdırdı.
“Səni bir də burada görsəm, o gördüyün mağaraya şəxsən özüm aparacam, qandın?” dedi qorxunc bir fısıltıyla.
Qorxudan tamam dili tutulmuş Eçso, başını aşağı-yuxarı dəli kimi sallayaraq hər şeyi anladığını bildirdi.
“İndi buradan rədd ol!” dedi gəncin yaxasını sərtcə buraxaraq.
Eçso bunlara baxmayaraq onu gördüyünə və Rədd ol kəlməsini eşitdiyinə sevinmişdi. Tələsik gəldiyi yerə qayıdaraq çiçəyi götürüb oradan da aşağı enməyə başladı. Təpədən aşağı enərkən gah sürüşərək, gah da səndələyərək canı boğazında qorxaq dovşan kimi öncə səbətin yanına oradan da aşağı enən Eçso bir dəfə belə arxasına baxmadan sürətlə oradan uzaqlaşdı.
Qara dərili çirkin qazza təpənin zirvəsində dayanıb gəncin getdiyindən əmin olmaq üçün gözünü ondan çəkmirdi. Yanında geyimcə ona bənzər, amma görünüşcə daha yaraşıqlı və ensiz bir başqa qazza dayandı. Qəhvəyi saçları çiyninə düşürdü və sol gözünün altında kiçik bir çapıq vardı.
“O kimdi?” deyə soruşdu qazza.
“Heç kim, yəqin yolu azıb,” deyə cavabladı çirkin döyüşçü.
“Bura gəldiyini xəbər aldıq, bu dəfə əlinizdən qaçırmayın.”
“Narahat olmayın ustad Vonras. Hər şey hazırdı.”

Hava artıq isinməyə başlamışdı, günəş buludsuz səmada həmişəki gözəlliyi ilə parıldayırdı. Oradan uzaqlaşıb artıq çoxdan yola düşmüş Eçso, olanları unudub üst-başını səliqəyə salmağa başlamışdı. Bir az getdikdən sonra iki kəndi birləşdirən yola çatıb onu izləyən varmı deyə son dəfə arxaya baxdı. İlk döngəni dönəndə yolda tək olmadığını gördü. Bir az irəlidə ətəyi yerlərə dəyən yamaqlı səyyah paltarında ağ saçlı qoca bir kişi gördü. Qoca asta addımlarla gah yeriyib, gah da dayanaraq ətrafa boylanırdı, hərəkətlərindən buralara ilk dəfə gəldiyi bəlli olurdu. Eçso onun bu vəziyyətini görüb addımlarını daha da sürətli ataraq ona çatdı.
Eçso “Günəşiniz işıqlı olsun, cənab,” dedi mərhəmətli səsi ilə. “Kömək lazımdı?”
Qoca, onu, yanına gələnədək eşitməmişdi, tərəddüdlə dayanıb geriyə baxdı. Arıq və bir o qədər də zəif görünən yaşlı kişi, səssiz bir yırtıcı kimi yaxınlaşan gəncin şirin sifətinə uzun müddət təəccüblə baxdıqdan sonra “Nə? Hə, əlbəttə oğlum, çox sağ ol,” deyə sevinclə gülümsəyərək qarşılıq verdi. “Mən buralarda birinci dəfədir oluram, yolu tapmağıma kömək etməyin məni sevindirərdi.”
“Bura Dor kəndi ərazisidir. Sizə hara getmək lazımdı?”
Qoca bir anlıq düşünüb “Dor?” dedi, nə isə xatırlamağa çalışaraq. “Dor… hə, deyəsən, oradı. Mənə yolu göstərərsən, oğlum?”
Eçso gülümsəyərək “Daha yaxşısını edərəm,” dedi, “sizi ora özüm apararam.”
“Doğrudan? Səni yolundan ayırmaq istəmirəm.”
“Yox, mən özüm də ora gedirəm.”
Ovalıq boyu uzanaraq yerə qoşa xətt salmış araba yolu ilə kəndə doğru yeriməyə başladılar. Eçso qocanın ləng addımlarına ayaq uydurmağa çalışarkən “Yəqin kəndə üç günə çatarıq,” deyə düşündü. Yol boyu arabir bərk öskürüb yerində səndələyən qoca, hər dəfə cibindən çıxardığı dəsmalla alnının tərini silib yoluna davam edirdi. Eçso, səhhəti yerində olmayan qocanın bura tək necə gəldiyini və burada nə axtardığını düşünürdü. Çünki bu gözdən uzaq təhlükəli kəndə səyyahlar və çox nadir hallarda tacirlər gəlirdi. Səbəbi isə kəndə ən yaxın yaşayış yerinin yarım günlük uzaqlıqda olmağıdır ki, ora getmək üçün də araba və ya yolu yaxşı tanımaq vacibdir. Baş verəcək kiçik bir ləngimə və ya yolu səhv salmağın mütləq ölüm deməkdir.
Eçso darıxdırıcı səssizliyi pozaraq “Bəs sizi bu ucqar kəndə gətirən səbəb nədir?” deyə soruşdu.
Qoca bir müddət səssizliyini pozmadan əsası ilə eyni tempdə addımladıqdan sonra “Mən tacirəm,” deyə cavabladı.
“Tacir? Tacirə oxşamırsız. Bəs mallarınız hanı?”
“Hamısını satdım, ilin bu vaxtında işlərim yaxşı gedir,” deyə bildirdi. “Deyirlər burada yaxşı kələm olur. Bilirsən, bu il havalar yaxşı keçmədiyi üçün çox yerdə kələm olmayacaq. Mən də gəldim indidən əkinçilərlə razılaşım ki, yığım vaxtı kələmi təkcə mənə satsınlar.”
“Düz deyirsiz,” deyə Eçso təsdiqlədi. “Bu il havalar mənə də çox təsir etdi, üç həftədir demək olar ki, heç nə yığmamışam. Elə bil bütün çiçəklər yox olub, göbələkdən başqa heç nə yoxdu.” Ayağını yerə vuraraq üsyan etdi. “Bu axmaq hava ucbatından üç həftədir boş yerə hər gün ovalıqlarda gəzinirəm, bu qədər vaxtda yığdığım bitkilərin sayı keçən il iki gündə yığdığımdan çox deyil. Sizin bəxtiniz gətirib bu cür pis fəsildə belə gəlir əldə edirsiniz.”
“Pis?” Qoca başını yellədi “Pis hava olmur, yalnız bizə yararlı və yararsız hava olur.”
“Fərqi nədi, bu il hava çox yararsız oldu, ya da pis oldu.”
Bir az fikirləşib qocanın əslində nə demək istədiyini düşünərək “Yaxşı sizin üçün yararlı ola bilər, amma mənim və bir çoxlarının ziyanına oldu,” deyə öz yanaşmasını təsdiqlədi.
“Əgər başqaları deyəndə kələm qıtlığını nəzərdə tutursansa, bu, düzdü. Amma digər tərəfdən taxıl, əvvəlki illərə nəzərən daha bol olacaq, bunu da nəzərə almaq lazımdı. Bir də ki, sənin bu il nə isə itirdiyini düşünmürəm, siya kimi dəyərli bitkini tapmaq elə də asan deyil.”
Eçso sevinclə gülümsəyərək “Hə, düzdü,” dedi. “Dayan görüm, mənim siya çiçəyini tapdığımı haradan bilirsiniz?”
Qoca “Bunu bilməyə nə var, onu əlində tutmusan,” deyə qeydsizcə bildirdi.
Bir anlıq çiçəyi əlində saxladığını unudan Eçso, “Hə, doğrudan,” dedi çiçəyi səbətə qoyarkən. “Nə deyirsiz deyin, bu il hava əvvəlki illərdəki kimi olsaydı daha yaxşı olardı.”
Eçso kəndin darvazasına əlli addım qalmış “Budur, gəldik,” dedi. “Kəndin insanları çox qonaqpərvərdirlər. Gecələmək üçün ev sıxıntısı çəkən deyilsiniz. Hə, bir də deyim ki, Mali ailəsinin evində qalmağınız məsləhət deyil. Çox israr edəcəklər, amma qalmayın. Mən keçən il onlarda qalmışdım. Bilirsiniz, çox yaxşı ailədir, amma yeməyə duz atmırlar. Keçən ili xatırlayaraq ağzını büzdü “İnana bilirsiniz, yeməyə bir qram da duz atmırlar. Bu həyatımın ən dəhşətli iki həftəsi olmuşdu.”
“Mən heç kimi narahat etmək istəmirəm,” deyə qoca bildirdi. “Burada mehmanxana yoxdur?”
“Xeyr, yoxdu. Olsa da, mehmanxanada qalsanız, bütün kənd narahat olacaq.” Girişə çatmışdılar, açıq qapıdan kəndin içində qaçışan uşaqlar görünürdü. “Onlar bunu çox vacib hesab edirlər. Yaxşı, gedək, sizi kəndlə tanış edim.”
Eçsonun dediyi kimi kənd əhalisi yad qocanı gördükdə onu evlərində qonaq qalsın deyə bir-biriləri ilə yarışırdılar. Yaxşı ki, qoca ağıllı davranaraq “Hər gün bir evdə qalacam,” deyib az uşaqlı gənc bir ailə ilə qalmağa razılıq verdi.
Topladığı bitkiləri səhərki uzun səfərə hazırlamaq üçün Eçso axşama kimi fasiləsiz işlədi. Bitkilərini səliqə ilə hazırlayıb səfər çantasına yığdı. Keçən il topladıqlarını aparmaq üçün at arabası lazım gəlirdisə, bu il, təkcə səfər çantası buna bəs etdirdi.
Günəşin, dağların arxasında qızılı rəngi ilə qürubu insana doyulması mümkün olmayan həzz verirdi. Çox zaman açıq səmaya sahib olan bu yerlərdə günəşin gözəlliyi, ay və onun səmaya səpələnmiş ulduzları qarşısında solduqca, biri-birindən gözəl nəğmələri ilə ötən quşları, böcək və qurbağa səsləri əvəz etməyə hazırlaşırdı.
Dor kəndində hər kəs evinə toplaşmışdı. Geridə qalan bir neçə kəndli də, tələsərək evinə girib içəridən gələn taqqıltılarla qapını bərk-bərk bağlayırdı. Bu artıq qapı və pəncərələri arxadan bərk bağlayıb gecənin zülmündən gizlənmək vaxtının gəldiyini göstərirdi. Eçso digərlərinin əksinə xəbərdarlıq zəngi çalınana qədər evin həyətində oturub hər keçən an çoxalan ulduzları seyr etməyə üstünlük verirdi.
Hava getdikcə soyuyur, soyuduqca Eçso üşüdüyünü hiss edirdi. Budur, ilk zəng çalındı və kənd darvazalarının gurultuyla örtülmə səsi eşidildi. Eçso zəngin üç dəfə çalındığını bilirdi, bu səbəbdən o, son anadək çöldə qalmağa üstünlük verirdi. İkinci zəng də çalındı. Bu dəfə küçələrdə hərəkət edən heç kəs qalmadı. Son bir-iki ailə də uzaqdan gələn taqqıltı səsləriylə qapılarını kilidlədilər. Və üçüncü zəng, ev sahibi qapının önündə gözlərini səmaya dikəldərək, sanki, məst olmuş Eçsoya səsləndi. Üçüncü zəngdən sonra bayırda qalmaq haqda qadağa olmasaydı Eçso, bəlkə də, yuxusu gələnədək burada qalardı. Kənd, taxta hasar, möhkəm darvaza və qazzalar tərəfindən qorunmağına baxmayaraq son xəbərdarlıq zəngindən sonra bayırda qalmaq qəti qadağan idi. Çünki çox nadir olsa da, bəzən vidralar taxta hasarı dırmaşaraq içəri girə bilirdilər.
Eçso ümidsizcə ayağa qalxıb stolu götürərək asta addımlarla evə girdi. Ancaq o, hələ qapını örtməmişdi ki, zəng dördüncü dəfə aramsız olaraq çalınmağa başladı. Zəngin bu cür çalınmağı kəndin xaricində kiminsə olduğunu bildirirdi. Eçso bu cür halla bir neçə dəfə qarşılaşmışdı. Uzaq yoldan gələn, ya da yorğunluqdan çöldə yatıb qalan kim idisə, yəqin, elə indi qorxu və həyəcanla qaçaraq kəndə gəlirdi.
Eçso həmin axmağın hal-hazırda aldığı sifəti xəyalında canlandırıb gülümsədi. Ev sahibinin yenidən, bu dəfə daha inadla onu səslədiyini eşidib içəri girmək istədi, ancaq tərs gedən bir şey var idi. Əgər zəngin səsi dayanmırsa, deməli, çöldə qalan kimdirsə ya bütün yamacı bürüyən səsi eşitmir, ya da həyatından bezib içəri girmək istəmirdi.
Eçso kimi vəziyyətin fərqində olanlar evlərindən çıxaraq bir-birilərinə baxıb, nə baş verdiyini soruşur, bəziləri isə bu işi ehtiyatla açdıqları pəncərədən görürdülər. Nəzarətçi artıq xəbərdarlıq zəngini yox, qazzaları çağırış zəngini çalmağa başlamışdı. Bu insanları daha da qorxutdu və hətta bir çoxları yenidən evlərinə girib qapını arxadan bərk-bərk bağladılar. Eçso ev sahibi ilə birlikdə, heç nə görməsələr də səsin gəldiyi yerə baxırdı.
“Yaxşı, içəri gəl, qapını bağlayıram,” dedi ev sahibi evə girərək.
Eçso bilmədiyi səbəbdən içəri girməkdə tərəddüd edirdi.
“Siz bağlayın, mən indi gəlirəm,” dedi və gözlənilmədən darvazaya tərəf qaçmağa başladı.
“Nə? bir dəqiqə, hara gedirsən? Dəli olmusan?! Bura gəl, Eçso… Eçso…” deyə ev sahibi Eçsonun arxasınca çağırdı, amma cavab ala bilmədi.
Eçso fasiləsiz çalan və əsəblərə toxunan səsin gəldiyi nəzarətçi qülləsinə qaçaraq tez çatdı. Səs yaxından daha da dözülməz gəlirdi. Eçso əllərini ağzına tutub bir neçə dəfə nəzarətçini çağırdı. Mudi, Eçsonun səsini gec də olsa eşitmişdi. Başını qüllədən aşağı uzadaraq “Sənin burada nə işin var?!” hirsli baxışlarla yüksək səslə qışqırdı.
Eçso “Çöldə qalan kimdi?” deyə yüksək səslə (Mudinin zəngin səsindən zəif eşitdiyini təxmin edərək) soruşdu.
“Qocanın biri, dəli olub nədi, gecə vaxtı oyan-buyana gəzir.”
“Qoca?” Eçsonun ağlına nədənsə yamacdan gələrkən qarşılaşdığı yaşlı adam gəldi. “Qapını aç, mən onu gətirərəm,” dedi.
Mudi “Nə?! Dəli olmusan? Qayıt evə, indi qazzalar gələr,” deyib yenidən zəngi var gücü ilə çalmağa başladı.
Eçso tərəddüdlə qapıya yaxınlaşaraq qadağan olduğunu bildiyi halda qapıya toxundu. Bəlkə, Mudi onun bu səhvinə göz yumardı, lakin qazzalar heç vaxt. Nəzarətçinin əsəblə dodaqlarını tərpədərək (ehtimal ki, söyürdü) zəngi fasiləsiz çalmağı onun artıq əsəblərinə toxunurdu. Bunun heç bir mənası olmadığını və qazzaların hava tamam qaralmamış gəlməyəcəyini bilirdi. Əgər bir insanın həyatı başqa birinin qanunu pozmağından dəyərlidirsə, onda Eçso bu gecə qanunu pozmalı idi və o, yalnız bu haqda düşünürdü.
“Nə olub mənə? Nə edirəm mən?”
Darvaza kilidli olsa da, Eçso açarın kilid dəliyində olduğunu gördü. Düşünmədən açarı çevirib böyük darvazanın bir qapısını aralayaraq bayıra çıxdı. Elə həmin vaxt uzaqda bir qocanın doğrudan da mənasızca ora bura gəzdiyini gördü. İlk baxışda onun kim olduğunu anlamasa da, bir müddət sonra yeriş tərzindən və əlindəki əsadan bu gün qarşılaşdığı həmin qoca tacir olduğuna şübhəsi qalmadı.
Eçso qazza görmək ümidi ilə ətrafına boylandı. Günəşin üfüqdə son şüasını göstərib bir anda yox olduğunu izləyərkən Eçsonun ürəyi onun təsəvvür belə etmədiyi dərəcədə şiddətlə döyünməyə başladı. Artıq bu vaxtdan sonra hər şey ola bilərdi, bu vaxtdan sonra nə gözləməyə, nə də ümid etməyə vaxt qalmışdı, yalnız bir çarə, bu onu qorxutsa da qocanı özü gətirməliydi.
Tərəddüdlə addımını bir irəli, bir geri atırdı. Sonra, iki yüz addım qaçıb qocanı qolundan tutaraq gətirməkdən ibarət olan planı beynində dəfələrlə təkrarlayıb, var gücü ilə qaçmağa başladı. Bir ara Mudinin zəngi necə saxlayıb onun arxasından səsləndiyini eşitsə də dayanmadı, heç nə düşünmədən qaçdı.
Bir müddət qaçdıqdan sonra “Dayan!” deyə ciyərində qalan son havayla səsləndi. “Dayan!” Qocaya onu eşidəcək qədər yaxınlaşmışdı. Yaşlı tacir, axır ki onu eşitmiş, ya da görmüşdü, çünki gözlərini qıyaraq Eçsonun gəldiyi istiqamətə baxırdı.
“Bu sənsən?” deyə qoca mənasız bir təəccüblə əldən düşmüş gəncə baxaraq olduqca sakit səs tonu ilə soruşdu. Gənc oğlanla arasında artıq bir neçə addım məsafə qalmışdı.
Eçso əllərini dizinə dayayaraq “Te… tez… tez olun, kəndə qayıtmaq lazımdı,” deyə tənginəfəs bildirdi. “Gedək, tez olun.”
Ancaq qoca heç nə etmədən ona tamaşa edir, diqqətlə onun üzünə və dolu bədəninə baxaraq özünü əsl dəli kimi aparırdı. “Çox qəribədi,” deyə olduqca sakit səs tonuyla öz-özünə pıçıldadı. “Bunu gözləmirdim.”
Eçso “Nəyi gözləmirdiniz? Bunun vaxtı deyil, tez kəndə qayıtmalıyıq,” deyə təlaşla bildirdi. “Ardımca gəlin,” deyə əlavə etdi.
Ancaq tacir vəziyyətin nə qədər ciddi olduğunu anlamamağa davam edirdi, əsasına söykənib nə isə düşünürdü. Eçso onun bu vəziyyətini görüb yeriməyinə kömək etmək üçün əlini uzatdığı anda insanın içinə qorxu salan vidralara xas o ulama səsi bütün yamacda dəhşət içində əks olundu. Eçso yaxşı bilirdi ki, vidralar adətən qurban gördükləri vaxt digərlərini çağırmaq üçün ulayırlar, bu vidralardan ən az birinin onları gördüyünü göstərirdi. Hava ala-toran olsa da gün tamam batmışdı, bir sözlə, vidraların gizləndikləri qaranlıq meşələrdən və dərin mağaralardan çıxmağına heç nə mane olmurdu. Bu an hər şeyin bitdiyini söyləyən o dəhşətli duyğu Eçsonun bütün bədənini bürümüşdü. Ürəyi, sanki, dörd qat böyüyərək sinəsində hər döyünməsində bədənini silkələyən bir şiddətlə çırpınırdı. İndi kəndlə aralarındakı yol ona dibsiz quyu kimi görünürdü.
Qoca onun bu vəziyyətini görüb “Çox az vaxtımız var,” dedi. “Sənə deyəcəklərimə yaxşı qulaq as. Ola bilsin qulağına qəribə gələcək, amma bura məni sən göndər…”
Susdu. Yaxınlıqdakı ağaclıqdan öncə bir, ardınca daha çox vidra çıxmağa başladı. Susmaq bilməyən zəngin səsi vidraların görünməyi ilə bir neçə saniyəlik dayanıb yenidən çalmağa başlamışdı. Qoca, Eçsonun qolundan tutub arxasında gizlədərək “Aşağı əyil,” dedi. “Mən deməyincə də qalxma.”
Əsanı yerə ataraq əllərini yuxarı qaldırıb pıçıltı ilə nə isə deməyə başladı. Bir anda vidraların zingilti sədaları altında hər tərəf saf işığa büründü, elə bil, günəş yenidən çıxmışdı. Eçso həmin an yanında durduğu qocanın ekro olduğunu anladı.
Yaşlı ekro, əlindən çıxardığı parlaq işıqla uzaqdan üzərlərinə sürətlə gələn vidraları, görünür, qorxutmağa çalışmışdı. Ancaq bu məxluqların bir neçə saniyəlik sürətini kəsməkdən başqa bir işə yaramadı. Ekrolar tərəfindən edilmiş bu cür sehrlərə qarşı olduqca qorxaq olmağı ilə tanınan vidralar, qəribə olsa da, buna heç bir əhəmiyyət vermədən sürətlə irəliləməyə davam edirdilər. Qoca getdikcə yaxınlaşan sürünün öndə gələnlərini sözün sehriylə, əlindən çıxardığı alov toplarıyla öldürür, bəzən də daha böyük alov topu yaradaraq sürünün ortasında partlayışlar yaradırdı.
Eçso, başqa vaxtı bir ekronu iş başındaykən görməyə heç vaxt yox deməzdi, lakin hal-hazırda mövcud vəziyyət ona nəinki odlu döyüşə baxmağa, hətta başını yerdən qaldırmağa belə imkan vermirdi.
Tez zamanda qocanı və gənci mühasirəyə alan məxluqlar artıq yalnız öndən deyil, yandan və hətta arxadan da hücum edirdilər. Fərqli istiqamətlərdən qocanın üzərinə sıçrayır, lakin hər dəfəsində elə göydəcə parlaq işıq toplarına tuş gələrək zingiltiylə yerə düşürdülər. Kənardan keçilməz kimi görünən müdafiə çəpəri hər tərəfdən gələn məxluqların hücumu ilə artıq zəifləməyə başlamışdı. Eçso özünü bir ölümsüzün yanında daha inamlı hiss etsə də, onun da yorulduğunu və artıq üstlərinə sıçrayan məxluqları çətinliklə dəf etdiyini hiss edirdi.
Artıq hər tərəfdən toplanan məxluqların qurduğu dairə getdikcə daha da möhkəmlənir, daha da ümidsiz vəziyyət yaranırdı. Vidralardan bəziləri hətta o qədər yaxına sıçramışdı ki, Eçso uzun illərdir ilk dəfə onları bu qədər yaxından görmüşdü. Tüksüz, selikli boz dəriləri və uzun qabaq ayaqları ilə təsəvvür etdiyindən də iyrənc görünürdülər.
Hər keçən an əldən düşən yaşlı ekro, artıq sadəcə müdafiə olunur, artan sürü qarşısında özünü zəif göstərməməyə çalışırdı. Son həlledici zərbəni vurmaq üçün məxluqlar dayandılar. Bunun nə mənaya gəldiyini bilən yaşlı ekro, çarəsizcə bir ətrafına, bir də tənbeh etdiyi kimi yerdən qalxmayan gəncə baxaraq tərəddüdlə əllərini başı üzərinə qaldırıb sehrli kəlmələri söyləyərək əllərinin arasında getdikcə böyüyən günəşə bənzər qırmızı işıq topu yaratdı. Vidralar qorxaraq geri addımlasalar da, onları gözləyən hücum, yalnız gözqamaşdırıcı işıq deyildi. İşıq topu bir anda qocanın əlləri arasında böyük bir gurultuyla partladı. Bu zaman bütün məxluqlar fırtınada uçan yarpaq kimi ətrafa səpələndilər.
Partlayışın təsiri ilə bir müddətlik huşunu itirən Eçso özünə gələndə qulaqları heç nə eşitmir, gözləri isə dumanlı görürdü. Qocanın yanında hərəkətsiz yatdığını görən Eçso sürünərək onun yanına gedib hələ də yaşadığına əmin olduqdan sonra ətrafına yenidən göz gəzdirdi. Bir az öncə ətraflarına toplanmış bütün məxluqların cəsədləri kənara səpələnsə də, təhlükə keçməmişdi. Partlayışdan sağ çıxmış vidralar yenidən hücuma hazırlaşırdılar. Bu dəfə onları yalnız bir möcüzə xilas edə bilərdi.
Qoca yenidən gəncin üzünə baxıb əlini ovucları arasında bərk sıxaraq, “Eyni onun dediyi kimi,” deyib gözlərini əbədi olaraq yumdu. Bu vaxt Eçso hələ də qocanın ovucları arasında olan əlinin gedərək isindiyini, hətta yandığını hiss etdi, ancaq nə qədər çalışsa da əlini çəkə bilmirdi. İstilik sürətlə qoluna, oradan da bədəninə yeriyir, keçən hər saniyə istilik daha da artır, Eçsonun ağrı içində qıvrılmasına səbəb olurdu. Dəhşətli yanma ilə qışqıran Eçso, qocanın əlini aralamaq istəsə də heç öz barmaqlarını aça bilmirdi. Buna daha dözə bilməyən Eçso, oradaca huşunu itirdi.

3
Qatİl
Yarpaqların arasından vuran günəş şüaları, Eçsonun gözlərini qamaşdıraraq oyanmağına səbəb oldu. Seyrək ağaclı bir meşədə, yerdə uzanmışdı. Bir anlıq təlaşla buraya necə gəldiyini düşünərək, axşam huşunu itirdikdən sonra nə baş verdiyini xatırlamağa çalışdı. Gecə vidraların onun və qoca ekronun üzərinə hücum çəkdiyini, sonra gurultulu parlaq işığı xatırladı.
Yəqin, qazzalar özlərini gec də olsa çatdırmışdılar deyə düşündü. Sağ əlini yerə dayayaraq qalxmağa cəhd göstərdi. Elə bu an ağrının şiddəti ilə uzandığı yerə düşüb ağrı içində qıvrıldı. Sağ ovcunu açaraq əlindəki yanıq izinə baxdı. Az qala qocanın onun əlini necə yandırdığını unutmuşdu. Ovcunun içində, kömür kimi qara iz qalmışdı.
İkinci cəhddə qalxmaq üçün sol əlini işlətmişdi. Ətrafa boylanıb xilaskarlarını axtardı, ancaq heç kəsi görmədi. Buradan kəndin yolunu tapmaq onun üçün çətin deyildi. Bu gənc meşədə əvvəllər də bir neçə dəfə olmuşdu. Odur ki, ağacların arasından görünən yaşıllığa doğru yeriməyə başlayaraq eyni zamanda ovcundakı yanığa hansı məlhəmin daha yaxşı gələcəyini düşündü.
“Dayan cavan oğlan,” deyə arxadan kimsə səsləndi.
Eçso ürkərək cəld çevrildi. Qarşısında qazza formasına bənzər qara geyimli döyüşçü görüb sakitləşdi. Döyüşçü sanki yoxdan var olmuşdu.
“Sən yaxşısan?” soruşdu döyüşçü.
Yaraşıqlı döyüşçünün qısa kəsilmiş şabalıdı saçı, onun xoş sifətinə ciddi və sərt bir görünüş qatırdı. Bundan başqa, onun sifətində izah edə bilmədiyi tanış cizgilər vardı. Buğdayı dərisi və yaraşıqlı siması ona bəzi şeyləri xatırladırdı. Sanki, bu üzü nə vaxtsa, lap əvvəllər…
“Sənlə danışıram,” dedi döyüşçü, bu dəfə daha sərt idi. “Eşidirsən məni?”
“Hə mən, eşidirəm hə,” deyə Eçso tələsik cavab verdi. “Minnətdaram… məni xilas etdiyiniz üçün.”
“Sənə getməzdən əvvəl bir neçə sual vermək istərdim,” dedi döyüşçü daha da yaxınlaşaraq. “Adım Etrakdı, bu isə Aqrendi.”
Eçso döyüşçünün göstərdiyi istiqamətə dönərək ona nisbətən qısa boylu qadın döyüşçünü üç addımlıq məsafədə gördü. Qırmızı saçlı qadın döyüşçünün böyük gözləri və şirin sifəti, ensiz dodaqları ilə mükəmməl bir ahəngdə idi. Gülümsəməyi o qədər səmimi idi ki, Eçso özündən asılı olmadan gülümsədi. Döyüşçülərin bu qədər səssiz və sürətli ortalığa çıxmaqları Eçsoda heç bir şübhə buraxmırdı.
“Siz nakrasınız,” deyə pıçıldadı. Kiçik bir həyəcanla, gülümsəyərək “Mənim də adım Eçsodu,” dedi. “Nə haqda sual vermək istəyirsiniz?”
Etrak ekro dilində bir neçə kəlmə dedi.
“Bağışlayın, heç nə anlamıram.”
“Bizə demək istədiyin bir şey yoxdu?” Aqren, Etrakın dediklərini tərcümə edərək dedi.
Eçso bir az düşünüb “Hə… əlbəttə. Həyatımı xilas etdiyiniz üçün çox minnətdaram. Sizə çox-çox təşəkkür ed…”
Etrak “Bunu demişdin,” dedi səbirsizcə.
Eçso söhbətin nədən getdiyini və ümumiyyətlə, ondan nə istədikləri haqda heç bir təsəvvürü yox idi.
“O qocanı haradan tanıyırdın?” deyə təcrübəli nakra şübhəylə soruşdu.
“Mən onu tanımırdım, daha doğrusu, dünən kəndə gələrkən yolda qarşılaşdıq. Məndən Dor kəndinə necə gedə biləcəyini soruşdu. Mən də ona mən də ora gedirəm, sizi apararam dedim. Sonra biz havadan danışdıq. Sonra kəndə apardım onu, dedim ki…” Döyüşçülərin baxışlarından bu boşboğazlığın onları bezdirdiyini görən Eçso alçalan səs tonuyla susdu.
“Sənə bizim haqda nə isə dedi? Bura niyə gəldiyini, ya da başqa bir şey… xatırlamağa çalış.”
Eçso “Yol boyu biz, yalnız havadan, bir də kələmdən danışdıq, sonra axşama kimi onu görmədim,” deyə çəkinərək bildirdi.
“Kələm? Nə kələmi?” Etrak, sanki, ciddi və məxfi bir məlumat alırmış kimi soruşdu.
Eçso çəkinərək “Dor kələmi,” deyə cavabladı. “Buranın kələmləri çox məşhurdu. Dedi bura kələm almağa gəlib.”
“Heç onun ekro olduğunu da bilmirdin, düzdü?”
Eçso başını yellədi.
Etrak “Sən, yanlış vaxtda və yanlış yerdə olan adi kəndçisən!” deyə öz-özünə pıçıldadı. “Adi insan.”
Aqren, Etraka yaxınlaşaraq alçaq səslə ekro dilində nə isə soruşdu. Amma cavab almadı. Etrak dərin fikrə getmişdi. Bu kiçik söhbət zamanı Eçso gözlərini qara geyimli nakradan və yaxasındakı nişandan çəkməmişdi. Bu baxışlar onun hafizəsində mənşəyini anlamadığı hadisələri canlandırırdı. Kimdir axı bu döyüşçü?
Etrak dərin bir nəfəs alaraq “Yaxşı oğlan, evinə get,” dedi.
Eçso, sanki çoxdandı bu sözü gözləyirmiş kimi, heç nə demədən dönüb oradan uzaqlaşdı. Meşədən çıxıb nakraları geridə qoyduqca axşamkı hadisəni daha çox xatırlamağa çalışdı. Xatırladıqca da tükürpərdici gecənin yaddaşında qoyduğu qorxunc anları gözlərinin önünə gətirdi. Nədənsə çox az müddətdir tanıdığı həmin qocanın ölümü ona təsir etmişdi. Elə hey özünə eyni sualı təkrar-təkrar verirdi: “Tanımadığım bir nəfər üçün niyə belə bir təhlükəyə atıldım?”
Eçsonun kəndə çatmağı çox çəkmədi. Hadisənin baş verdiyi yerin yaxınlığından keçərkən vidra cəsədlərinin olmadığını görüb təəccübləndi. Görünür qazzalar təmizlik işini müdafiədən yaxşı görürdülər. Kəndin darvazasından içəri girib qonaq qaldığı evə yönəldi. Günün doğuşu ilə kənd əhlisinin çoxu yaxınlıqdakı bostanda işləməyə getdiyi üçün, küçələrdə həmişəki kimi uşaq qaynayır, kəndin bəzi əldən düşmüş müdrik qocaları isə həyətlərindəki cavan ağaclara qulluq edirdilər. Onlardan bir neçəsi Eçsonun əhvalını soruşmağı ehmal etməmişdilər. Eçso getdikcə özünü qəribə və təhlükədə hiss edirdi.
Darvazadan içəri girdiyi andan mənşəyini bilmədiyi qəribə bir hiss, sanki ona “Qayıt, qayıt geri…” deyirdi. İsti havaya baxmayaraq bədəni az qala soyuqdan titrəyən Eçso, bütün bunların keçirdiyi ağır və qorxu dolu günün təsiri olduğunu düşünərək özünə hakim olmağa çalışırdı. Birdən o dayandı. Kiminsə onu izlədiyini, hətta nəfəsini boynunda hiss edib cəld geri baxdı. Heç kəs yox idi. Onu getdikcə bürüyən səbəbsiz şübhə hissi artıq qorxuya çevrilirdi.
“Eçso… Eçso!” deyə kimsə onu arxadan səslədi.
Eçso onu tanıyırdı, bu onunla yaxınlıq edən bir neçə gəncdən biri idi. Eçsodan iki yaş kiçik olan Dupra, yaşıdlarının əksinə olduqca iri görünürdü. İriliyi boydan çox eninə verən Dupra yenə yaşıdlarının əksinə günün bu vaxtında tarlada işləməyin yerinə, kəndin içində boş-boş gəzməyi və bir də yatmağı sevirdi.
“Nə olub Dupi?”
“Sən haradaydın? Elə bildim ölmüsən, hamı elə bildi. Deyirlər gecə vaxtı kənddən qaçmısan, heç kimə də heç nə deməmisən. Nə olmuşdu? Hara getmişdin? Deyirlər sənə vidralar hücum edib, yaralı deyilsən?” deyərək qayğıkeş baxışlarla dostunu aşağıdan yuxarı süzdü.
Eçso onu sakitləşdirərək “Narahat olma,” dedi kefsizcə, “mən yaxşıyam.”
“Səni qazzalar xilas etdi?”
Eçso tez vaxtda söhbəti dayandırıb buradan getmək üçün nakra mövzusunu açmadı, çünki onun ən az yarım gün sual verəcəyini bilirdi. Sadəcə, başı ilə təsdiqləyərək dönüb evə doğru irəlilədi.
Dupra “Bəs onda qazzalar səni niyə axtarır?” deyə yüksək səslə soruşdu.
Bu söz Eçsonu nədənsə çox qorxutdu. Ürəyi dəli kimi çırpınmağa başlamışdı. Çevrilib “Məni axtarırlar?” deyə soruşdu. “Niyə?”
“Bilmirəm, yəqin, axşamkı hadisə haqda soruşacaqlar,” deyərək getmək istədi, ancaq yadına nə isə düşüb dayandı. “Hə, bir də… onlar, buradakı mühafizəçilərdən deyil, daha çox müdafiəçilərə bənzəyirdilər. Yekə qılıncları və zirehləri var. Onları birinci dəfə idi ki, görürdüm. Səhv etmirəmsə, yüksək rütbəlilərdi, yəqin, onlar üçün vacib bir iş görmüsən,” deyə əlavə edib getdi.
Eçsonun ağlına gələn ilk şey, qadağan olduğu halda, kəndin xaricinə çıxmaq oldu. Səbəbi nə olursa olsun, həmin qanunun pozulmağı ciddi cinayət sayılırdı. Çünki ona görə vidralar hətta içəri də girə bilərdilər. Qazzaların həmin axşam kənddə olmamağını da üzərinə gəlsək, nə cür bir faciə baş verə biləcəyi dəhşətli idi.
Bunlara baxmayaraq Eçso özünə haqq qazandırmağa çalışaraq “Burada mənim heç bir günahım yoxdu,” deyə düşünürdü. “Mənim niyyətim, sadəcə yaşlı bir insanı xilas etmək idi. Əsas günah məndə yox, işlərinə gec gələn qazzalardadı.” Əgər bu cinayətə görə onu həbs etmək istəsələr şəxsi müdafiəsini bu cür hazırlamışdı. Ancaq nə qədər özünün haqlı olduğuna inansa da, ürək döyüntülərini sabitləyə bilmirdi. Eçso ən yaxşısının hələ dünən planlaşdırdığı kimi şimala qayıtmaq olduğuna qərar verdi.
Tələsik səyahət çantasını hazırlayıb, topladığı otları da ora yığaraq evdən çıxdı.
Eçso qapının ağzında ehtiyatla ətrafa boylandı. Onun getdiyinə fikir verəcək heç kəsi görmədi. Bir gün buradan qanun qaçağı kimi gedəcəyi heç ağlına da gəlməmişdi. Özünü bu cür adlandırmaq, ona utanc verirdi.
Heç nə olmamış kimi ehtiyat və sürət qarışıq addımlarla evdən uzaqlaşaraq çıxışa doğru gedən yolu izlədi. Yeriyərkən başını aşağı salsa da, girdiyi hər döngədə dayanaraq ətrafa nəzər yetirirdi. Qazzaların hər an onu tapa bilmə qorxusu ilə yol ortasından kənar durmamağa çalışırdı.
Eçso ona çox uzun gələn yolun böyük qismini keçmişdi. Kəndin çıxışı ilə arasındakı məsafə qısaldıqca üzündəki gülümsəmə daha da genişlənirdi. “Yəqin, mənim yenidən kəndə qayıtmayacağımı zənn edib gediblər,” deyə düşündü. Ən çətini qapıdan çıxmaq idi. Kəndin xaricində qazzaların onu tapma, tapsa belə tanıma ehtimalı çox az idi.
Qapı ilə arasında iyirmi addımlıq məsafə qaldıqda ayaqları sevincdən bu dəfə qaçmağa başlayırdı ki, arxadan qulaqbatıran “DAYAN!” səsi gəldi. Eçsonun üzünə gələn sevinc cizgiləri, heç bu qədər tez silinməmişdi. Arxaya dönərkən özünü müdafiə etməyə olduqca hazır görünürdü. Ancaq iri cüssəli, keçəl qazzanın qəddar sifətini görəndə bir anlıq nəinki müdafiəni, hətta adını belə unutdu.
“Adın nədi?” dedi keçəl qazza yaxınlaşaraq. “Səninlə deyiləm! Adın nədi?!” kükrəyərək təkrarladı.
Qorxudan kəlmələri boğazına düyünlənən Eçso, adı barədə yalan danışmağı ağlından belə keçirmədi.
Eşidilməsi mümkün olmayan səslə “Eçso,” dedi. Sonra yenidən “Eçso,” deyə təkrarladı yüksək səslə.
Qazza axtardığı gəncin qaçmağa cəhd göstərdiyini görüb bərk hirslənmişdi. Burnuyla elə şiddətlə nəfəs alırdı ki, az qala burnundan alov çıxacaqdı.
“Nədi qaçmaq istəyirdin?” qazza istehza qarışıq səs tonu ilə dedi.
Eçso yalvaran baxışlarla “Mənim heç bir günahım yoxdu,” deyə danışmağa başladı. “Xahiş edirəm… Burada səhv nə var axı? Mənim heç bir günahım yoxdu.”
Qazza bu sözlərdən bərk hirslənərək “Günahın yoxdu, bəs onda niyə qaçırdın?!” deyə qışqırdı. “Əgər qaçırsansa, deməli günahkar olduğuna özün də inanırsan.”
Eçso təlaşla “Yox, burada mənim bir günahım yoxdu,” deyə təkrarladı yenidən. “Mən, o qocanı xilas etmək istəyirdim. Əgər müdafiəçilər vaxtında gəlsəydi, bunların heç biri baş verməyəcəkdi. Burada səhvi mənim üzərimə atmaq düzgün deyil. Bir də ki, nəzarətçi hər şeyi görürdü, mən çıxdıqdan sonra qapını onsuz da bağlayacaqdı.” Eçso bu sözləri deyərkən bütün cəsarətini toplamışdı.
Keçəl qazzanın baxışlarından təəccübləndiyi açıq seçilirdi. Ancaq onun təəccübü gəncin son sözləri deyərkən cəsarətlə səsini yüksəltməyinə görə deyildi.
Qazza “Oğlan, sən nə danışırsan?” dedi. “Sən gecə kəndi tərk etdiyin üçün yox, yaşlı bir insanı bıçaqlayaraq öldürdüyün üçün günahlandırılırsan.”
Eçso çaşqınlıq içində donub qaldı. “Siz nə danışırsınız?” dedi. Eşitdikləri artıq ona zarafat kimi gəlməyə başlamışdı. “Mən… mən heç kəsi öldürməmişəm.”
Kəndin fərqli yerlərindən keçəl qazzanın yanına orta yaşlarda iki qazza da gəldi. Hər yerdə onu axtardılar. Digər qazzaların gəlməyi ilə az müddətlik sükutu keçəl qazzanın “Həbs edin!” kəlməsi pozdu.
Eçso döyüşçülərə dirənmək fikrində deyildi. Lakin bu qədər asan təslim olmağı da düşünmürdü. Adətən tez özlərindən çıxan qazzaları hirsləndirməmək üçün ehtiyatla və sürətlə danışırdı “Onu mən öldürmədim. O ki ekro idi. Mən bir ekronu necə öldürə bilərəm axı? Əksinə, mən onu xilas etməyə çalışırdım. Bizə vidralar hücum etdi. İstəyirsiniz Mudidən soruşun… nəzarətçidən soruşun, onu vidralar öldürdü, mən yox.”
Keçəl qazza “Boş-boş danışma. Yəni deyirsən mən ekroyla insanı ayırd edə bilmirəm?!” deyə qarşılıq verdi. “Dünən gecə burada vidra görünməyib.”
Eçso hələ də baş verənlərə bir məna verə bilmir, onu az qala sürüyərək aparan qazzaları günahsız olduğuna inandırmağa çalışırdı. Kömək ümidi ilə ətrafa boylandı. Ancaq ona kömək edəcək heç kəs yox idi. Olsa da, çətin ki, kim isə qazzalara qarşı çıxmaq istəyərdi.
Bir qədər vaxt sonra Eçso iki qazza ilə birlikdə əlləri bağlı faytonda oturmuşdu. Kənddən çıxıb qocanın öldüyü yerdən keçərkən Eçso özünü təmizə çıxarmaq üçün tək bir vidra cəsədi görməyi ümid etdi. Ancaq ərazidə heç nə yox idi, gecədən qalma döyüş izləri xaric heç nə. Gələrkən buna çox da diqqət etməmişdi. Ancaq indi araba hadisənin baş verdiyi həmin yerdən keçərkən Eçso qəribə şeylərin baş verməyə başladığını hiss etdi. Bunun iki izahı vardı. Ya yuxu görürdü, ya da kim isə ona tələ qurmuşdu.
Birincisi, uşaqlığından bu yana ailəsini itirdiyi qorxunc gecədən başqa yuxu görməmişdi. Qaldı ki kiminsə ona tələ qurmağına, ayaqqabısından böyük olmayan qonşunun itindən başqa düşməni yox idi. Sinəsindəki bıçaq izi nə deməkdi? Yəni mənim soyuqqanlılıqla onun sinəsinə bıçaq sancdığımı düşünürlər? “Mudi hər şeyi gördü,” deyə düşünürdü. “Onlara həqiqətləri danışar. Bütün hadisəni yalnız o gördü.”
Araba yavaşlayaraq dayandı. Arabanın burada dayanmağının qazzaların narazı baxışlarından planda olmadığı anlaşılırdı. Eçso bayırdan bəzi tanış səslərin gəldiyini eşitdi. Bir müddət sonra keçəl qazza qapını açaraq “Çıxarın onu,” deyə əmr etdi.
Arabanın saxlanma səbəbi artıq məlum idi.
Etrak “Onu niyə həbs etmisiniz?” deyə olduqca ciddi səslə soruşdu.
Keçəl qazza “O, dünən cinayət işləyib,” dedi. “Yaşlı birini öldürərək pulunu oğurlayıb.”
“Yox, o, yalan deyir…” Eçso inadla dedi. “Siz ki bilirsiniz, onlara həqiqətləri deyin, siz qocanın necə öldüyünü bilirsiniz.”
Etrak “Aydındı,” dedi, sadəcə. “Onun əllərini açın qalanı bizlikdi.”
Keçəl qazza duruxaraq “Necə yəni bizlikdi?” dedi. “O cinayətkardı, sizin onu buraxma hüququnuz yoxdu!” Etraka tərəf addım atıb səsini yüksəltdi.
“Bura bax döyüşçü, niyyətin nədir bilmirəm, ancaq bir də önümdə səsini yüksəltsən, danışmaq üçün özünə başqa dil axtarmalı olacaqsan. Qaldı ki hüquqlarıma, səni elə buradaca öldürməyə hüququm çatır. Aç onun əllərini və rədd ol buradan.”
Yekə cüssəli keçəl qazza hirsindən dəliyə dönsə də, ağzını açmağa cəsarət etmədi. Etrakın qara forması və yaxasındakı qızılı Üçlük nişanı, onun kim olduğunu artıqlaması ilə göstərirdi. Nakra liderindən sonra nakra döyüşçüləri üzərində ən çox sözə sahib ikinci şəxsə qarşı gələ bilməzdi. Ona qarşı çıxmaq Üçlüyün özünə qarşı çıxmaq demək idi.
Qazzalar heç bir söz demədən istəksizcə Eçsonun əllərini açıb arabaya minərək oradan sürətlə uzaqlaşdılar.
Eçso qazzanın getməyi ilə dərin bir nəfəs aldı. Minnətdarlığını bildirmək üçün qara geyimli nakra qarşısında başını xəfif önə əyərək “Çox sağ olun,” dedi. “Yaradıcı ruhunuza mərhəmət etsin.”
Etrak gözlərini gedən arabadan çəkmədən “Haradan gəlmisən?” deyə soruşdu. Səsində soyuqluq hiss olunurdu.
“İkram qəbiləsindən. Yaşıl kənddən gəlmişəm,” deyə cavab verdi.
Önə gələrək aralarındakı məsafəni qısaldan Etrak “Yaxşı, Yaşıl kəndli gənc Eçso,” Eçsonun düz gözlərinin içinə baxıb, “De görüm, nə üçün yüksək rütbəli müdafiəçi qazzalar səni etmədiyin bir iş üçün həbs etməyə çalışırlar?”
Eçso, Etrakın nə demək istədiyini gec də olsa anlamışdı. Keçirdiyi həyəcandan özü bu incə detala fikir verməmişdi. Müdafiəçi qazzalar heç bir təqdirdə qanun pozuntusu ilə maraqlanmırlar. Onların işləri gecələr ortalığa çıxaraq insanları vidralardan müdafiə etməkdir.
“Bilmirəm,” dedi Eçso başını silkələyərək. “Deyirlər guya axşam burada vidra olmayıb, qocanı isə mən öldürmüşəm.”
Etrak gəncə uzun-uzun baxdı. Sanki, onu kitab kimi oxumağa çalışırdı.
“Bura nə üçün gəlmisən?” deyə soruşdu.
Eçso ona ildə iki dəfə bu bərəkətli torpaqlara gələrək nənəsi üçün şəfalı bitkilər topladığını və ilk dəfədir bu cür hadisəylə qarşılaşdığını lazımsız detalları ilə birlikdə danışdı.
Etrakın gəncin səmimiyyətinə heç bir şübhəsi qalmadıqda, dönərək Aqrenə ekro dilində nə isə dedi. Aqren də eynilə ona ekro dilində cavab qaytardı. Qısa dialoq zamanı qadın nakra silahdaşını inadla nəyəsə inandırmağa çalışırdı. Əlini arada bir Eçsoya uzadıb nə isə danışır, Etrak isə başını yelləyərək etiraz edirdi. Nəhayət, Aqren “Heç olmasa bir neçə sual verməyimə icazə verin,” dedi.
“Yaxşı. Amma çox uzatma.”
Aqren gəncə yaxınlaşaraq “Qazzaların səni niyə tutmaq istədikləri haqda heç bir təsəvvürün yoxdu?” deyə soruşdu. “Yəni hər hansı bir şey… nə bilim, bəlkə də, səni sevməyən bir nəfər həbsə düşməyini istəmiş ola bilər?”
Eçso çox düşünmədi “Yox,” dedi başını yelləyərək. “Mənim pisliyimi istəyəcək heç kəsi tanımıram. Düzdü, qazzaların məni həbs etmək istədiklərini bilirdim. Çünki gecə kəndi tərk etmişdim. Ancaq mənim o qocanı öldürdüyümü deyirlər.”
Aqren “Yaxşı, bir dənə də sualım var,” dedi. “Kənddən çıxan zaman… arxadan qazza dayan deyə səsləyən vaxt sən nə hiss etdin?”
Eçso “Mən qorxdum, çox qorxdum,” deyə cavab verdi.
“Yox, onu demirəm, başqa nə hiss etdin? Yəni başqa heç vaxt qarşılaşmadığın bir hiss?”
Eçso bir az düşünüb “Yox,” dedi başını yelləyərək, “qeyri adi heç nə… Dayan görüm, bunları siz haradan bilirsiniz? Həmin vaxt orada qazza və məndən başqa heç kəs yox idi.”
Aqren “Bu vacib deyil,” dedi sualdan yayınaraq. “Deyirsən qeyri adi heç nə? Yaxşı.” Ümid qırıqlığı ilə dərin nəfəs aldı. Həmin vaxt gözləri Eçsonun kirli parçayla tələsik sarınmış əlinə dəydi. “Əlinə nə olub?” deyə onun əlindən tutdu.
“Deyəsən yanıb. İndi elədə çox ağrımır.”
Aqren iki əli ilə Eçsonun yarasını ehmalca açaraq bir müddət ona təəccüblə baxdı.
“Bu nə vaxt olub?” deyə soruşdu.
Eçso “Keçən gecə,” deyə cavab verdi. “Qoca ölməzdən əvvəl mənə belə təşəkkür etdi.”
Aqren, onlardan kənarda xəritə ilə məşğul olan silahdaşına səslənərək “Etrak, bura gələ bilərsiniz. Mənim bu cür yaralardan başım çıxmır,” dedi. Bir yandan da kəmərinə bərkidilmiş kiçik çantasından yaranı sarımaq üçün təmiz parça çıxardı.
Təcrübəli nakra uzaqdan Eçsonun əlindəki qara ləkəni gördüyü anda yerində donub qaldı. İlk addımını belə çətinliklə atmışdı. Yaxınlaşaraq Eçsonun əlini ovcunda saxladı. “Bu mümkün deyil,” dedi pıçıltı ilə. “Ola bilməz.”
Aqren “Nə mümkün deyil?” deyə soruşdu.
Etrak cavab vermədi, heç onu eşitməmişdi. Keçirdiyi çaşqınlıq gözlərindən oxunurdu. Aqren bu vaxt ilk dəfə silahdaşının əllərinin titrədiyini gördü. Onun bu vəziyyəti Aqreni də təlaşlandırmışdı. Silahdaşını heç vaxt belə görməmişdi.
Aqren “Ağır yaradı?” deyə soruşdu. Ancaq Etrak, ona toxunana kimi cavab vermədi.
“Yox. Elə də ağır deyil. Amma…”
“Amma nə? Etrak, siz yaxşısınız?”
Qara geyimli nakranın qəribə hərəkətlərini görən Eçso, vaxt keçdikcə bədəninin qorxudan soyu-duğunu hiss edirdi. Ola bilsin yaşlı ekro, ölüm təlaşı ilə istəmədən onu lənətləmişdi, ya da buna bənzər başqa bir şey. Çünki nə o, nə də Aqren bu yaranın nə üçün belə qara olduğuna məna verə bilmirdilər.
Aqren silahdaşından cavab almadıqca özündən çıxmağa başlayırdı “Etrak nə baş verir?” dedi səsini yüksəldərək. “Siz onu qorxudursunuz.”
Nəhayət, təcrübəli nakra başını qaldıraraq “Elə də vacib deyil,” dedi. İnandırıcı olmağa çalışırdı. “Bir neçə gün mənin nəzarətim altında müalicə olunmağı kifayətdir.”
“Yəni sağalacaq?” Eçso bu cümləni elə dedi ki, sanki, artıq əlinin kəsiləcəyinə əmin idi.
Etrak başını tərpədərək “Hə,” dedi. “Asan olmayacaq, amma narahat olma, sağalacaq.”
“Səhv etmirəmsə, siz nəzarətiniz altında dediniz, bu necə olacaq?” deyə Aqren soruşdu. “Elə bilirdim biz…”
Eçso, təcrübəli nakradan qabaq dillənərək “Mənə görə narahat olmayın,” dedi. “Əgər siz lazımi otları və istifadə qaydasını desəniz, mən özüm də bacararam.”
Etrak gəncin müraciətini eşitməzlikdən gələrək “Bizim burada işimiz qalmadı,” deyə silahdaşına bildirdi. “Bu gün yola çıxırıq, odur ki, Xarp şəhərinə kimi yolumuz eynidir.”
Aqren bu cavabla qane olmuşdu. Gülümsəyərək “Axır ki gedirik,” dedi. “Mən kəndə gedib at alım.”
“Ata ehtiyacımız olmayacaq. Biz gəldiyimiz yolla gedəcəyik.”
Qadın nakra duruxaraq “Meşə ilə, niyə?” dedi təəccüblə. “Axı yol daha təhlükəsizdi.”
“Meşə isə daha qısadı.”
Aqren silahdaşının qərarını anlamasa da, daha sual vermədi. Onsuz da onun qərarlarını çox vaxt anlamırdı. Çünki ola bilsin meşə ilə getmək onlara əlavə olaraq iki gün qazandıracaqdı, ancaq gəncin onlar qədər sürətli və dözümlü olmamağı cütlüyü geri sala bilərdi. Həm də ki, meşədəki gözlənilməz təhlükələr onlara vaxtdan da dəyərli şeyləri itirməklərinə səbəb ola bilərdi.
Eçso yenidən “Buna ehtiyac yoxdu,” deyə bildirdi. “Əgər siz müalicə üçün lazım…”
“O yaranın müalicəsi çox çətindir,” Etrak gəncin sözünü kəsərək dedi. “Adi otlarla ona heç nə edə bilməzsən. Əgər əlini hələ də özünlə daşımaq istəyirsənsə, bizimlə gəlməyə məcbursan.”
Aqren “Narahat olma,” dedi gülümsəyərək. “O, əla təbibdi, sağalacaqsan.”
“Yaxşı, çox sağ olun – hər şey üçün.”

4
Üçüncü göz
Dünyanın rəngi yoxdur, dünya onu gördüyümüz rəngdədir. Həyatın rəngi yoxdur, həyat onu yaşadığımız rəngdədir. Ruhun (sehrin) rəngi yoxdur, o əməllərimizin rəngini əks etdirir.
    (Ekro atalar sözü)
Eçso bütün ağırlığı ilə yerə çökən zaman artıq gün batmağa başlayırdı. Yol boyu bir kəlmə belə danışmağa macal tapmayan gənc oğlanı, nakraların özlərinə xas sürətli yeriməyi əldən salmışdı. Sürətli və uzun addımlar nə onun bədəninə, nə də həyat tərzinə uyğun gəlirdi. Hətta yol boyu bir neçə dəfə ayaqları dolanaraq yıxılmışdı. Yalnız günortadan sonra Etrakın “Sürəti bir az azaldaq,” deməyi, Eçsoya nəfəs aldırmışdı.
Eçso səfər çantasını bir kənara atıb yerini rahatlayaraq kürəyini ağaca söykədi. Buranın meşə örtüyü Dor kəndinə nisbətən fərqli idi. Enli gövdəli iynəyarpaqlı ağaclar üstünlük təşkil edirdi. Ərazi cənuba doğru yüksələrək ağacların sıxlığı və qaranlıq artsa da, meşəyə göz dinləndirən rəng hakim idi. Eçso başını yuxarı qaldırana kimi meşənin nə qədər dərinliklərində olduqlarının fərqində deyildi. İynəyarpaqların arasından səma demək olar ki, görünmürdü. Əlbəttə, başqa vaxt bu onu çox qorxudardı, ancaq indi onu narahat edən başqa şeylər vardı. Aclıqdan başı ağrıyırdı. İstirahətini yarıda kəsib bel çantasından kiçik qazanını çıxararaq onu qurudulmuş ətlə doldurdu.
Aqren “Sən nə edirsən?” deyə Eçsoya yaxınlaşdı.
“Yemək bişirirəm.”
Aqren “Burada atəş yandırmaq olmaz,” dedi zərif səsiylə. “Bu vidraların diqqətini çəkər.”
“Bilirəm, amma mən acam. Səhərdən bu yana heç nə yeməmişəm.”
Aqren başını yelləyərək “Yox,” dedi. “Buna icazə verə bilmərəm. Əgər istəyirsənsə sənə yeməyə bir şey verərəm. Amma atəş yandırmaq olmaz. Vidra yuvalarına çox yaxınıq.”
Kiçik çantasından bir parça yaşıl rəngdə xəmirəbənzər nə isə çıxarıb Eçsoya uzatdı “Götür, bu sənə ehtiyacın olan toxluğu və enerjini verər.”
Eçso yaşıl xəmirə bənzər maddəni alıb şübhəylə iylədi, ağzını büzərək “Bu nədi?” dedi.
Aqren “Bilməsən yaxşıdı,” deyə gülümsədi. “Amma dadı xoşuna gələcək.”
“Gecəni burada keçirəcəyik,” onlardan bir neçə addım kənarda duran Etrak bildirdi. “Mən indi gəlirəm.”
Eçso “O, hara getdi?” deyə soruşdu.
“Perimetri yoxlamağa. Təhlükəsizlik üçün.”
Eçso qadın nakranın verdiyi yeməklə doymayacağını anlayıb qurudulmuş ət ehtiyatının yarısını bişirmədən yedi. Ancaq bundan sonra özünü rahat hiss etməyə başlamışdı.
Eçso doymuş bir qarınla yerdə oturarkən “Aqren,” deyə qadın nakraya səsləndi.
“Bəli.”
“Geri niyə qayıtdınız? Yəni məni qazzaların əlindən xilas edərkən.”
“Səni xilas etmək üçün,” deyə Aqren cavablandırdı. Üzərinə qırmızı bıçaqlar düzülmüş ayaq kəmərini açmaqla məşğul idi.
Eçso təəccüblə “Necə yəni… mənim həbs olunacağımı bilirdiniz?” deyə soruşdu.
Aqren “Yox bilmirdik,” dedi, “Məni sən çağırdın.”
Eçso bir anlıq döyüşçünün onunla zarafat etdiyini düşünüb gülmək istədi, ancaq qadın nakra çox ciddi görünürdü.
“Mən? Mən heç kəsi çağırmadım. Bir də ki, çağırsam da, səsimi necə eşitdiniz?”
Aqren başını yelləyərək “Bu çox qarışıqdı,” dedi. “İzakeleminin nə səbəblə baş verdiyi bizə tam aydın deyil. Həm də inanmıram bir şey anlayasan.”
“Niyə? Yəni mən o qədər…”
“Yox. Onu demək istəmədim. Sadəcə bəziləri buna inanmır.”
Eçso tərəddüdlə “Dayan görüm, yoxsa,” dedi. “Yoxsa sən rimaqsan?”
Aqren güldü “Onun adı rimaq yox, rizanmaqdı. Hə, mən rizanmaqam.”
(Ekro dilində Rizl-3 aner-cı4 maq-göz deməkdir.)
Eçso heyrətlə gözlərini bərəltdi “Doğrudan?” heyrət içində ağzı açıq qalmışdı. “Sizin haqda deyilənlər doğrudur? Deyirlər siz gələcəyi görə bilirsiniz, divarın arxasını görə bilirsiniz, sonra insanların fikrini oxuyursunuz, sevmədiyiniz insanları lənətləyirsiniz, hətta ruhunuzu bədəninizdən çıxara bilirsiniz. Bunlar düzdü?” birnəfəsə həyəcanla soruşdu.
Aqren gəncin sadəlövhlüyü qarşısında çox əylənmişdi “Yox,” dedi gülərək. “Biz gələcəyi görmürük. Heç kimi də lənətləmirik. Bunlar sadəlövh camaat arasında yayılmış şişirtmələrdi. Amma bəzən keçmişə nəzər sala bilirik. Ruhu çıxarmağı isə, yalnız, yuxarı səviyyəli rizanmaqlar bacarır.”
Eçso “Bəs sən hansı səviyyədənsən?” deyə həvəslə soruşdu.
“Ən yuxarı səviyyədən.”
Eçso, Aqrenə daha da yaxınlaşdı. Həyatında ilk dəfə rizanmaq görməyin qürurunu yaşayırdı.
“Vaooo, mənə bunun necə baş verdiyini izah edə bilərsən? Bildiyimə görə bu qabiliyyət, yalnız, insanlarda olur. Ən çox da qadınlarda. Bu haqda kitabda oxumuşdum, amma demək olar ki, heç nə anlamadım.”
Aqren təəccüblə “Sən kitab da oxuyursan?” deyə soruşdu. “Orada yazılanların hansını anlamadın?”
Eçso sevinclə gülümsəyərək düşünməyə başladı. Hər gün yeni şeylər öyrənmək onu çox həyəcanlandırırdı. Uşaqlıq yaşlarından nənəsinin bitkilərlə əlaqəli bütün kitablarını oxumuşdu. Onun yaşında bir şəxsə görə çox qəliz yazılmış Azar tarixi adlı kitabı belə həvəslə oxumuş, anlaşılmayan yerləri dəfələrlə təkrarlamışdı. İndi isə onun bütün suallarına cavab verə biləcək yüksək dərəcəli rizanmaqla oturmuşdu. Verəcək o qədər sual vardı ki…
“Heç bilmirəm haradan başlayım? Kitabın çoxu ekro dilində olduğu üçün bəzi yerlər tamam anlaşılmazdı. Yaxşı, başdan başlayım. Ekroların insanlardan fərqi. Yazılıb ki, üç əsas fərq var: birincisi, ekrolar insanlardan təqribən on beş qat uzun yaşayırlar. İkincisi, ekrolar sözün sehrinə sahibdirlər, yəni sehrli qüvvələrə. Yalnız, üçüncü olaraq digər üstünlükləri kölgədə qoyacaq əskiklikləri olduqlarını, yəni ruhlarının olmadıqları yazılıb. Bu nə qədər düzdü? Yəni, təkcə ruhun digər üstünlükləri örtdüyünə inanmıram. Ekrolar hər baxımdan mükəmməldirlər.”
“Bu sualı gözləyirdim,” dedi qadın nakra. “Əslində bu sualı bütün insanlar müzakirə edir: Ekrolar yaradıcının onlara verdiyi qabiliyyətlərlə doğrudanmı bizə bərabərdirlər? Bu mövzudan əvvəl kitabın əvvəllərində yaradılış haqda əfsanə var. Orada yazılıb ki, dünya hələ təzə yarananda tək bir irq, ekro irqi olub.”
“Hə, bunu bilirəm. Sonra onlardan ikisi ehtiyacı olmadığı halda daha çoxunu istədikləri üçün yaradıcı tərəfindən lənətlənərək oradan qovulublar. Mən də elə bunu deməyə çalışıram. Əgər insanlar lənətlənibsə və hətta ekroların dili ilə desək Neam eylə sürgün edilibsə, nə üçün bizim onlarla bərabər olduğumuzu deyirlər?”
“Belə düşünürlər, çünki insanlar onların heç vaxt sahib ola bilməyəcəkləri bir şeyə sahibdirlər, ruha. İşin əsas nöqtəsi buradadır Yaradıcının lənəti belə gözəldir. Onun lənəti, sürgün edilmiş iki şəxsin uzun həyat və sehrini ölümsüz ruha çevirməkdən ibarət idi. Ekrolar ruhun bənzərsiz bir hədiyyə olduğunu və yaradıcının onlara verdiyi bu hədiyyənin bədənləri ölənə kimi təmiz saxlamalı olduqlarına inanırlar. Bu vaxt yaradıcı onların səhvlərini bağışlayıb sonsuz xoşbəxtliklə mükafatlandıracaq. Ekroların, yalnız, bu dünyada sahib olduqları güclər onların həyatları ilə birlikdə sonlanacaq. İnsanlar isə sonsuzadək yaşayacaqlar.”
Eçso, Aqrenin dediklərini bir az düşünüb özlüyündə müzakirə etdi. Aldığı cavab onu əmin etməmişdi “Onda niyə insanlara idarəetmə hüququ verilmir?” deyə soruşdu.
“Bunun iki əsas səbəbi var. Birincisi, bəzi insanların, yalnız şəxsi mənfəətlərini düşünərək ona uyğun qərarlar verməyi. İkincisi isə bir çox insanın məntiqləri ilə yox, hisləri ilə qərar verməyidir.”
Eçso izahatın məntiqli olduğunu qəbul edərək başını tərpətdi, “Yaxşı, inandırıcı görünür,” dedi. “Amma mənə seçim şansı verilsəydi tərəddüd etmədən ekro olmağı seçərdim.”
“Belə danışırsan, çünki öz gücünün fərqində deyilsən,” dedi Aqren. “Çünki ekro olmağın nə demək olduğunu bilmirsən. Bütün emosiyalardan təcrid olunmaq, yeməyin dadını almamaq, dənizin, çiçəyin qoxusunu anlamamaq… bir insan üçün bunlar əsl dəhşətdir.”
“Necə yəni? Onların dad və iy bilmə qabiliyyətləri yoxdu?”
Aqren “Var,” deyə cavab verdi. “Ancaq çiçək qoxusu ilə torpaq arasında onlar üçün elə də böyük bir fərq yoxdur. Yəni qoxunu və dadı alırlar, onları ayırd edə bilirlər, ancaq ondan həzz almağı bacarmırlar.”
Eçso “Bax bunu bilmirdim,” dedi qəbullanaraq. “Yaxşı, bir dənə də sualım var. Rin… rizanmaqlar haqda bilmək istərdim. Ümumiyyətlə, bu nədir, necə işləyir… bir sözlə hər şeyi bilmək istəyirəm əgər mümkündürsə.”
Aqren peşəsiylə bu qədər yaxından maraqlanan bir gənci görüb “Əlbəttə,” dedi. “Rizanmaqlar, Yeni Azarın əvəzolunmaz tədqiqatçıları sayılırlar. Bizim qabiliyyətimiz, yalnız, təhlükənin necə və haradan gələcəyini hiss etməklə tükənmir, biz həm də insanlara toxunaraq onların zehnini oxuya və keçmişinə nəzər sala bilirik. Əslində bunların heç biri sanıldığı kimi qəliz deyil. Bir çox insan fərqində olmadan bayaq saydığım gücləri gündəlik olaraq istifadə edir. Ancaq fərq ondadır ki, həmin insanlar bunun ya təsadüf, ya da bəxt adlandırırlar.”
Eçso “Necə yəni?” dedi inanmayaraq. “Demək istəyirsən bütün insanlarda rizanmaq qabiliyyəti var və onlar bunun fərqində deyil?”
“Elədi,” Aqren əminliklə bildirdi. “Məsələyə bu tərəfdən baxmağa çalış. Ruh, insanın altıncı hissi, yəni üçüncü gözüdür. O heç bir canlının görə bilmədiyi detalları görə və eşidə bilir. Burada əsas məsələ bədəninin ruhunla nə cür əlaqədə olduğudur.”
“Bu hələ də insanların niyə üçüncü gözdən istifadə edə bilmədiyini izah etmir.”
“Heç ekrolar da təlim görməsə, güclərindən istifadə edə bilmirlər. Gücün və ya qabiliyyətin, potensial olaraq daxilində olmağı onu istədiyin vaxt işlədə biləcəyini göstərmir. Üçüncü göz, bütün insanların potensial olaraq sahib olduğu bir gücdür. Kiçik yaşlarından təlim görmüş hər bir insan üçüncü gözünü düzgün və sistemli istifadə edə bilər. Hətta təlim görməsə belə bir çox insan bəzi təhlükələri hiss edir, ya da yaxınının başına bir iş gəldiyini anlaya bilir. Bədəndəki ruh bütün bunlardan xəbərdardır və bədənlə hər an əlaqədədir. Təlim görərkən bizə, yalnız, ruhumuzu necə dinləyəcəyimizi və onu istədiyimiz yerə necə yönləndirə biləcəyimizi öyrədirlər.”
“Yəni ikimizin də ruhu eyni şeyləri görür və eşidir, lakin əsas məsələ ruhun bilməyi yox, mənim onu dinləməyimdi düzdü?”
Aqren “Afərin,” dedi gülümsəyərək. “Çox tez öyrənirsən. İstəyirsən bir neçə misal göstərim. Bax məsələn, hamilə qadınlar və gənc anaların övladlarına bağlılığı onları bəzən rizanmaq qədər güclü edə bilər. Övladlarından ayrı olduqları vaxtlarda onların təhlükədə olduqlarını və ya tezliklə təhlükəyə məruz qalacaqlarını hiss edə bilirlər. Yuxuda, övladlarının təhlükə anını görməklərinə biz İzakelemin deyirik. Bu isə onu göstərir ki, Üçüncü göz doğuşdan gələn bir qabiliyyət yox, daxilindəki qabiliyyətin inkişaf etdirilməyindən yaranır. Düzdü, bəzi insanlar doğuşdan bu isdiqamətdə daha böyük potensiyala sahib olurlar, lakin hər halda onun nadir insanlarda olduğunu demək doğru deyil.”
Eçso gülümsəyərək “Hə, məndə belə şey çox olub,” dedi. “Elə bu gün kəndə qayıdanda içimdən bir hiss təhlükədə olduğumu deyirdi. Ona qulaq asmadığım üçün az qala məni həbsxanaya tıxacaqdılar. Bəs niyə ekrolar belə sadə bir gücdən istifadə etməkdə bu qədər acizdirlər?” deyə soruşdu. “Bilirəm, onların ruhu yoxdu. Amma bunu sehrin gücü ilə də edə bilərlər, məncə. Bir göz qırpımında on vidranı öldürən bir ekro üçün on addım önlərindəki kolun ardında nəyin gizləndiyini bilmək bu qədər çətindir məgər?”
“Çətin deyil, mümkünsüzdü,” deyə qadın nakra cavabladı. “Qulaq as, mən sehrli güclər haqda çox şey bilmirəm. Yalnız onu bilirəm ki, sehr daxili enerjinin digər enerji növlərinə çevrilməsindən ibarətdir.”
“Yəni?”
“Sənə qısaca belə izah edim. Məsələn: Atəş. Bir ağac yanarkən sahib olduğu enerjini atəşə çevirir. Ekrolar da eynisini edirlər. Daxili enerjilərini atəş, dalğa, işıq və bunun kimi silahlara çevirirlər. Bəzilərinin uydurduğu kimi yoxdan bir əşya və ya canlı yaratma iqtidarında deyillər. Üçüncü göz də bunun kimidir. Heç yoxdan özlərində belə bir güc və ya ruh yaratmaq mümkün deyil.”
Hava artıq qaralmışdı. Etrak bir anda başlarının üzərində göründü. Yoxlanış üçün meşənin qərbinə getsə də şərq tərəfdən qayıtmışdı. Görünür, qərbdən cənuba, oradan da şərqə gedərək yarım dairə formasında meşənin ən təhlükəli yerlərini yoxlamışdı.
Etrak, Eçsoyla üz-üzə gələcək formada oturaraq “Yaraya baxmaq lazımdır,” dedi, “əlini uzat.”
Eçso sarğılı əlini uzadaraq “Hansı bitkilərdən istifadə edirsiniz,” deyə soruşdu.
Təcrübəli nakra cavab vermədi. İşini qurtarıb sarğını yenidən bağlayarkən “Bunu heç vaxt açma,” dedi.
Eçso əlinə çəkilmiş məlhəmi iylədi. Ən azı altı bitki və heyvan yağından hazırlanmış qəliz dərman idi. “Əgər düzgün qarışımı bilsəydim, bunu mən də edə bilərdim,” deyə düşündü.
Meşənin içinə tamam qaranlıq çöküb göz-gözü görməyəcək hala gəldikdə Eçso heç yaşamadığı qədər ağır günün təsiri ilə uzanan kimi yatdı. İki nakra xaric, tamam müdafiəsi olmayan təhlükə dolu meşənin dərinlikləri onu narahat etməmişdi. Yarım gündür tanıdığı bu döyüşçülər onda inam hissi yaradırdı.
Etrak bir kənarda oturub qara üzlü gündəliyi oxuyurdu (yaratdığı kövrək işığın köməyi ilə).

114-cü gün: Bu gün axır ki, dörd aylıq elmi tədqiqatlar nəticəsini verməyə başlayır, deyəsən yeni gələn alimlər düşündüyümdən də yaxşıdırlar. Dərmanı təcrübədən keçirmək hələ tezdir, lakin bu axmaqlar bizi nəticə barədə tələsdirirlər. Bu cür güclü silahı belə qısa müddətdə hazırlamaq mümkün deyil. Düşünmürlər ki, elm səbir tələb edir…

Yenicə işıqlanmağa başlayan meşə, səhərin nəm və sərin havası ilə dolmuşdu. Hər tərəfi gözəl quş səsləri bürümüşdü. Eçso və nakralar yenidən yola düşmüşdülər. Nakraların iki gün olaraq planladıqları məsafə Eçsonun onlara qatılmağı ilə dörd günə çıxmışdı. Və onlar bu yolun, yalnız bir gününü geridə qoymuşdular. Eçso döyüşçülərə mane olduğundan xəbərdar olsa da hər hansı bir yaşayış məntəqəsinə çatana kimi onlara möhtac idi. Həm də əlindəki yara da onu Etraka bağlayırdı.
Təcrübəli nakra çox bəlli etməsə də, yarası heç də adi yanıq deyildi. Bəlkə də, bunun müalicəsi bir aydan çox çəkəcəkdi. Eçso, Etraka bir neçə dəfə müalicə haqda sual verməyinə baxmayaraq, təcrübəli nakra ona cavab verməmişdi. Açıq görünür ki, döyüşçü ona yara haqda məlumat verməkdən qaçırdı. Eçso, ekroların soyuq xasiyyətli olduğunu eşitsə də, bu qədərini təsəvvür etməmişdi. Aqren ona ekroların çox danışmağı sevmədiklərini, hələ döyüşçülərin lazımsız yerə danışmaqdan nifrət etdiklərini demişdi.
Eçso havanın gedərək açıldığını hiss edirdi. Sıx meşələrdən çıxmağa başlayırdılar. Artıq səma daha aydın və geniş görünürdü. Uçan quşları və kiçik, ağ bulud topalarını görmək daha da asanlaşırdı. Eçso, Aqrenlə yan-yana Etrakın altı addım arxası ilə gedirdi.
“Meşədən çıxırıq?” Eçso, Aqrendən soruşdu.
Aqren “Yox,” dedi. “Bataqlığın ətrafından fırlanırıq.”
Eçso “Bataqlıq?!” dedi. Qorxmuş görünürdü. “Bataqlıqdan zəhləm gedir. Etrak buraları haradan tanıyır?”
“Onun qədər çox yaşasaydın sən də tanıyardın.”
Eçso “Hə,” dedi, “düzdü. Bəs onun neçə yaşı var?”
“Dəqiq bilmirəm, amma deyəsən ikinci dövrdən yaşayır.”
“Deməli, ən az 430 yaşı var?”
Aqren ağzını büzərək “Təqribən… bəlkə də çox,” deyə bildirdi.
Eçso qaşlarını qaldıraraq “Ooo, yaman çoxdur,” dedi heyrətlə. “Bu qədər ildə nələr öyrəndiyini təsəvvür etmək belə insanı qısqandırır. Bu qədər təcrübə, bu qədər elm, bu qədər… yaradıcı eşqinə, bunların yarısı üçün belə hər şeyimi verərdim. Heç təsəvvür etmirəm bu qədər ildə gözləri nələrə şahidlik edib. Bununla da deyirsən ki, ekrolar bizə bərabərdir. Heyif ki, danışmağı sevmir,” dedi təəssüflə. “Həyatımın sonuna kimi onu dinləməyə hazıram.”
“Hə, düzdü. Ekroların bu üstünlüyünə bəzən mən də həsəd aparıram. Ancaq əgər istəyirsənsə… düzdü, ekrolar qədər bilmirəm, amma…”
Eçso sevinclə “Doğrudan?” deyə sözünü kəsdi. “Səni bezdirmərəm?”
Aqren gülümsəyərək “Əlbəttə ki, yox,” dedi səmimiyyətlə. “Düzdü, tarixçi deyiləm, amma bəzi suallarına cavab verə bilərəm.”
“Çox gözəl. Biz tərəfdə heç məktəb yoxdu. Ona görə kitab da tapmaq olmur. Oxumağı belə mənə nənəm öyrədib. İnana bilirsən qəbiləmizdə hərf tanıyanların sayı yüzü keçməz. Onların da çoxu başqa yerdən köç etmiş təbiblərdi.”
Aqren “Bilirəm,” dedi. “Üçlük orada dəfələrlə məktəb salıb insanların həyat səviyyəsini qaldırmaq istəməyinə baxmayaraq yerli əhali kitabın onlara vaxt itkisi və bədbəxtlikdən başqa heç nə gətirməyəcəyini bildirib bunu inkar etmişdilər. Qəribə düşüncə tərzidi.”
“Bunun nə olduğunu mən yaxşı bilirəm. Kitabın, yalnız, təbiblər üçün yazıldığını düşünürlər. Nə yalan deyim, bir vaxtlar mən də belə düşünürdüm. Ta ki, nənəmin bütün dərman ehtiyatını səhvən sobaya atana kimi.” Eçso danışaraq həmin günləri xatırlayıb gülümsədi.
“Kitaba qarşı marağının dərmanlarla nə əlaqəsi var?”
Eçso güldü.
“Otlar yanan vaxt otağa dolan qəribə iydən nə isə səhv etdiyimi başa düşmüşdüm. Odunlarla birlikdə nənəmin qurudulmuş otlarını da yandırmışdım. Nənəm bilsə məni yorulana kimi döyəcəkdi. Həmişə belə edirdi. Bunu nənəmə heç vaxt izah edə bilməzdim. Elədir ki, iki həftəyə kimi otları yerinə qoymağın yeganə yolu, otlarla əlaqəli kitabları oxuyaraq onları yığmaq idi ki, belə də etdim. Nənəm, əlbəttə ki, bildi. Ancaq heç nə demədi. On iki yaşım vardı. Həmin gündən sonra yaşıdlarımın adlarını belə bilmədikləri otları harada və hansı fəsildə tapa biləcəyimi bilirdim. Bu nənəmi xeyli yükdən qurtarmışdı. Məni isə kitaba bağlamışdı.” Cümləsini sonlandırarkən nənəsi üçün darıxdığını xatırladı.
Aqren “Qəribə başlanğıcdı,” dedi.
“Hə, bir az. Dünənki söhbətimiz haqda bir şey fikrimə ilişdi. Səhv etmirəmsə, rizanmaqların fikirləri oxuya bildiyini demişdim, düzdü?” Eçso onu çoxdandır maraqlandıran və soruşmaq üçün düzgün vaxtın gəlməyini gözlədiyi sualı verdi.
“Düşüncəni yox, zehni. Bunlar fərqli şeylərdi. Zehni oxumaq həmin insanın yaddaşını oxumağa bənzəyir. Çox vaxt anlaşılmaz şəkil kimi görünürlər, lakin düzgün təlimlə onların nə mənaya gəldiklərini anlamaq olar.”
Eçso “Yəqin, bu çox əyləncəlidi?” dedi. “İstədiyin hər kəsin nə düşündüyünü, daha doğrusu, onun nə etdiyini görmək, bunu mən də öyrənmək istərdim.”
Aqren “Elədir, bəzən əyləncəli olur,” dedi gülümsəyərək. “Bu qabiliyyət daha çox günahını inkar edən cinayətkarlar və cinayətdə şübhəli bilinən insanlar üzərində tətbiq olunur.”
Eçso dayanaraq “Mənimkini də oxuya bilərsən?” deyə soruşdu.
Aqren tərəddüdlə “Əlbəttə, ancaq…” dedi “elə burada?”
“Niyə də yox?”
“Yaxşı, niyə də yox?” deyərək qadın nakra dayanıb Eçsoya yaxınlaşdı.
“Aqren!” Etrak onlardan on addım öndə dayanmışdı və silahdaşına səslənmə tonu soyuq idi. Gəncin zehnini oxumağa hazırlaşan silahdaşına yanına gəlməyini əmr etdi.
“Bəli,” Aqren silahdaşının yanına çatan kimi qarşılıq verdi, “eşidirəm.”
Etrak “Onun zehnini oxumağa çalışma. Heç vaxt,” deyə qətiyyətlə əmr etdi.
Qadın nakra qısa müddətlik çaşqınlıqdan sonra “Mən… başa düşmədim,” deyə qarşılıq verdi. “Mən, yalnız…”
“Dediyimi et. Onun zehnini bir də oxumağa çalışma, aydındı?”
Aqren başını xəfif əyərək “Necə istəyirsiniz,” deyə olduqca rəsmi səs tonuyla bildirdi. ”Ustad.”
Günorta olanda Eçso yemək bişirirdi. Yolun onu çox yorduğu aydın görünürdü. Saç və qaşları tərdən islanmışdı. Aqren yemək yeyəcək qədər vaxtlarının olmadığını desə də, Etrak gözlənilmədən “Eybi yoxdu, qoy bişirsin,” demişdi. Ancaq heç biri onun bişirdiyi yeməkdən yeməmişdilər. Aqren ət yeməklərinin onları ağırlaşdırdığını, bu səbəbdən daha xəfif və qidalı zun adlanan yaşıl maddəni yediklərini bildirdi. Eçso isə cavab olaraq “Dadını almayandan sonra doymaq nəyimə lazımdı,” deyə qarşılıq vermişdi.
Eçso yemək yeyərkən Aqrenə maraqlandığı mövzular haqda suallar verirdi “Məncə, bəzi tarixi hadisələri bizdən gizlədirlər,” deyirdi gənc Eçso. “Çünki Azar tarixi kitabında bəzi xronoloji ardıcıllıqda pozğunluq hiss olunur. Elə bil bəzi hadisələr ortadan çıxarılıb.”
Aqren “Belə deyil,” deyə etiraz etdi. “Sənin oxuduğun kitab, çox köhnədir və kitabın yarıdan çoxu ekro dilindədi. Keçmişdə bəzi şeyləri insanlardan gizləyirdilər, ancaq indi elə deyil. Son yarım əsrin kitablarında sən istədiyin məlumatları tapa bilərsən, həm də yeni əlifba və dildə.”
Eçso çiynini dartdı “Əgər yeni kitablarda hər şey yazılıbsa, Böyük döyüşün kimə qarşı olduğunu və müharibə sonrası yetmiş illik boşluqda nələr baş verdiyini deyə bilərsən?”
Aqren çox təəccüblənmişdi. İndiyə kimi az insan belə bir incəliyi görə bilərdi. Azar tarixi kitabında Böyük döyüş insanlıq və şər qüvvə arasında baş verdiyi yazılmışdı. Növbəti məlumat isə düz yetmiş üç il sonra baş verən hadisələr haqda yazırdı.
“Böyük döyüş digər dünyadan gəlmiş şər qüvvələrə qarşı baş vermişdi,” dedi qadın nakra.
“Bunu bilirəm. Bəs bu şər qüvvənin adı nə olub?”
“Draqzin. Ona belə deyirlər. Keçmişdə Üçlük bunu gizli saxlayırdı, çünki insanlar, ekroların mükəmməl olduqlarını düşündükləri üçün onların başçılığını şərtsiz qəbul etmişdilər. Əgər vidraların bu dünyaya gəlməyində ekrolardan birinin günahkar olduğunu bilsəydilər, səncə, nələr olardı? Həmin dövrün insanları bunu anlamazdılar.”
Eçso heyrət içində qalmışdı “Yəni demək istəyirsən vidraları Draqzin adlı bir ekro gətirib? Bu qədərini gözləmirdim. Deməli, insanlar kimi ekroların da yaxşısı-pisi var?”
Aqren “Dəqiq deyə bilmərəm,” dedi “Yazılanlara görə, Draqzin saf qan ekro deyilmiş. Yarı insan, yəni yarımqan imiş. Yarımqanlar isə bəzən gözləndiyindən də böyük təhlükə yarada bilərlər.”
“Bəs bu Draqzin nə istəyirmiş?”
“İnsanlar üzərində hökmranlığını elan etmək və hər iki dünyanı idarə etmək.”
Eçso qalan hadisəni əzbərdən bilirdi. “Yaxşı,” dedi, “bəs yetmiş illik boşluq? Həmin vaxt nə baş vermişdi?”
Nakra “Üsyan,” dedi qısaca.
“Üsyan? Kimin üsyanı?”
“İnsanların üsyanı. Böyük döyüşdən sonra vidralar və Draqzinin yandaşları bütün Azara yayılmışdılar. İnsanlar qorxu içində yaşayırdılar. Tanrıları öldüyü üçün qiyamətin gəldiyini və yer üzünü sonsuz zülmətin zəbt edəcəyini düşünürdülər. Bu düz beş il çəkdi. İnsanların tanrıların qəzəbindən qurtulmaq üçün biri-birilərini qurban etdikləri daha bir on beş ildən sonra hər şey dəyişdi. Ekrolar insanlara həqiqətləri demək qərarına gəldilər. Tanrı olmadıqları həqiqətini. Hər iki irqi yaradan, yalnız bir yaradıcının olduğunu və ekroların insanların tanrısı deyil, qardaşı olduğunu elan etdilər.”
“Və beləliklə, üsyan çıxdı,” deyə Eçso tamamladı.
“İnsanlar arasında hakimiyyət uğrunda müharibələr başladı. Şəhərlər, qəbilələr, hətta qəsəbələr də özlərini ayrıca dövlət elan etməyə başlamışdılar. Hazırda Üçlük dediyimiz idarəçilər, həmin vaxt üsyanı yatırmaq üçün böyük Azarı parçalamalı oldular. Altmış ilə yaxın qarışıqlıq və qanlı çaxnaşmalardan sonra hakimiyyət Azarı üç vilayətə böldü və Üçlük quruldu… qalanını bilirsən.”
Eçso şübhəylə “Yəni belə böyük bir üsyan, Azarı vilayətlərə parçalamaqla dayandı?” deyə soruşdu. “Belə asan?”
“Yazılanlara görə üsyanın əsas səbəbkarı Draqzin yandaşları olub. Odur ki, Üçlüyün şəxsən qurduğu xüsusi təyinatlı dəstə tərəfindən bu döyüşçülərin öldürülməyi işi xeyli asanlaşdırmışdı. Digər tərəfdən vidraların çoxalaraq hər yana qorxu salmağı, insanları ekroların mərhəmətinə sığınmağına məcbur edib.”
Etrak onlara yaxınlaşaraq “Bu qədər tarix bəsdir,” dedi. “Getmək lazımdı, hazırlaşın.”
Kiçik istirahətdən sonra yenidən yola düşdülər. Həmişəki kimi Etrak, Eçso və Aqrendən bir neçə addım irəlidə gedirdi. Əgər qrupu bir təhlükə gözləyirsə birinci onunla qarşılaşsın deyə. Belə bir təhlükə üçün gənc oğlan çox zəif, qadın nakra isə çox dəyərli idi.
Axşam istirahəti vaxtı Eçso, Aqrenə çox sual vermədi. Daha doğrusu, verə bilmədi. Günün yorğunluğu onu əldən salmışdı. Elə oturduğu yerdəcə yatıb qalmışdı. Həmin gecə Aqren onun xorultusunu kəsmək üçün xeyli çalışmışdı. Olduqları yerdə vidralar çox olmasa da onun səsi təhlükə yarada bilərdi (Ya da yaxınlaşan vidraları qorxuda bilərdi).
Etrak gündəliyi çıxarıb yaratdığı uçan işıq kürəsinin yardımı ilə oxumağa başladı.

128-ci gün: Axır ki, dərmanı tələm-tələsik sınaqdan keçirdik, anlamıram bu adamlar niyə tələsirlər. Təcrübə, əlbəttə ki, uğursuz alındı, dərman vidra üzərində sürətli təsir göstərərək dərhal ölümünə səbəb oldu. Bununla da ilk sınaq uğursuz alındı. Amma dostum deyir heç olmasa vidraya qarşı sürətli zəhər kəşf etmiş olduq. O, çox nikbindir…

5
Nakra cİnayətİ
Elion, əlindəki perqamentlərlə zala daxil olan zaman, geniş masa arxasında əyləşmiş dörd heyət üzvünü görüb bir anlıq dayandı.
Üzvlərdən yanaşı oturmuş iki ekro, Şimal Qəbilələri vilayətinin iki baş idarəçisi, digər iki üzv isə Raqa vilayətinin baş idarəçisi Raqnild və qazza lideri Zeldan idi. Azarın idarə heyəti, onun üç vilayətini təmsil edən səkkiz ekrodan ibarət idi. Elionun da gəlişi ilə yalnız Üçlüyü gözləmək qalırdı.
Geri dönüb növbətçilərdən birinə başı ilə işarə verən Elion, masa arxasındakı öz yerinə əyləşdi. Növbətçi də eynilə başını tərpədərək zalı tərk etdi.
“Günəşiniz işıqlı olsun cənablar.” Elion hər kəsi salamladı.
Heyət üzvləri də eyni ilə qarşılıq vermişdilər.
Elion oturarkən hər kəsin ona sual dolu gözlərlə baxdığını, görməsə də hiss edirdi. Üçlüyə yaxın olduğu üçün, nakra liderinin daha çox məlumata sahib olduğunu düşünürdülər. Ancaq Elion, Üçlük gəlməmiş hər hansı bir məlumat vermək fikrində deyildi.
Heyətin yeni üzvü olan Elion, Yeni Azar vilayətinin mühafizə komandiri və nakra lideri idi. Ondan əvvəlki nakra liderinin qəfil ölümü bütün səlahiyyət və rütbəsini köhnə şagirdi Eliona keçirmişdir. Lakin bir müddət bəzi heyət üzvləri onun idarə heyətinə qəbuluna qarşı çıxmışdılar. Səbəb isə Elionun saf qan ekro olmamağı, yarı insan (yarımqan) olmağı idi. Lakin Üçlük, üzvlərin təklifini rədd edərək qaydalara sadiq qalmış və Elionun heyətə daxil olmağında mane görmədiyini bildirmişdir.
İndi isə o, ikinci dəfədir ki idarə heyəti yığıncağında iştirak edirdi.
Beş ildən bir keçirilən yığıncağın məqsədi regionlarda sabitliyi qorumaqla yanaşı, yeni təhlükəsizlik yollarının salınmağı, ticarət xətlərinin çoxaldılmağı kimi kiçik görünən məsələlərin böyüməmiş həlli üçün zəmin yaratmaqdır. Axırıncı yığıncaqdan isə bu günə yalnız bir il keçmişdi. Bu ilki yığıncağın dörd il tez keçirilməyinin səbəbi orada oturanların çoxu tərəfindən naməlum idi.
Sonuncu dəfə belə hal qırx yeddi il bundan əvvəl Raqaya yayılmış dəhşətli xəstəlik zamanı baş vermişdi. Həmin vaxtlar xəstəlik, iki qəsəbə və altı kəndi bürümüşdü. Çıxış yolu dəhşətli olsa da bu yerlərin giriş və çıxışlarını bağlayaraq əhali ilə birlikdə yandırmışdılar. Heyət, xalqa həmin kənd və qəsəbələrdə sağlam heç kəsin qalmadığını və başqa çıxış yollarının olmadığını dəfələrlə bəyan etsə də, bu qərar insanların uzun müddət idarə heyətinə nifrətlə baxmağına səbəb olmuşdur. Üstündən təqribən qırx yeddi il keçən bu hadisə, idarə heyətini çox sarsıtmışdı. İndi isə, hər şeyin düzəlməyə başladığı günlərdə yenidən Üçlük tərəfindən təcili yığıncaq təşkil edilmişdi.
Heyətin tamamlayıcı üzvü olan Üçlük, nəhayət, ağır addımlarla zala daxil oldu.
Ortada duran qızılı saçlı ekro digər ikisinə nisbətən yaşlı görünürdü. Şux qaməti və geniş bədəni onun bir vaxtlar döyüşçü olduğunu göstərirdi. Sağ və solunda görünüşcə daha cılız olan heyətin yeganə qadın üzvü və olduqca gənc görünən iki ekro dayanmışdı. Hər üçü qısa durğunluqdan sonra asta addımlarla masaya yaxınlaşaraq onlar üçün ayrılmış yerlərdə əyləşdilər. Qaydalara uyğun olaraq sözə ilk onlar başlamalıydı. Otağın ağır qapıları içəri çökən sükutu pozaraq, örtüldü.
Qızılı saçlı yaşlı ekro “Sizin də bildiyiniz kimi son zamanlar bəzi yerlərdə ölüm hallarının artmağı insanları təşvişə salmağa başlayır,” deyə kəlmələri bir-bir seçərək sözə başladı. “Bu istiqamətdə geniş tədqiqatlar aparılır, ancaq hələ də artan hücumları izah edən dəqiq məlumatımız yoxdur. Son dörd ayda verdiyimiz itkilər bir ildə verdiyimiz itkilərdən çox olub. Bugünkü yığıncağın təşkilini təkidlə tələb edən cənab Elion, məsələnin göründüyündən də qarışıq olduğunu və gün keçdikcə daha da pisləşəcəyini düşünür. Bu səbəbdən hazırkı şəraitdən çıxış yolunu heyətin müzakirəsinə təklif etmək istədiyini bildirdi.” Sözlərinə davam edərkən Eliona döndü. “Buyurun, cənab Elion.”
Elion “Təklifimi müzakirəyə verməzdən əvvəl məsələnin ciddiyyəti haqda bir çoxunuzun bilmədiyi məlumatları nəzərinizə çatdırmaq istəyərdim deyib önündəki bir neçə perqamenti qarışdıraraq hər birini rahat görmək üçün stola yaydı. “Zənnimcə, hər şey dörd ay bundan əvvəl başladı. Cənuba yaxın üç kənd vidraların hücumuna məruz qaldı. Altısı nakra olmaqla yetmiş səkkiz nəfərin öldüyü həmin gecə, qəribədir ki, vidralar hücum etmək üçün ən yaxşı müdafiə olunan kəndləri seçmişdilər. Buna bənzər başqa hadisə, yenə həmin əraziyə yaxın bir qəsəbədə üç ay bundan əvvəl baş vermişdi. Adətən sərt keçən qışdan sonra böyük itkilər olur, bilirəm. Ancaq bu iki hücumu mövsümi çətinliklə əlaqələndirə bilmərik.”
Bütün heyət üzvləri nakra liderinə maraqla baxır, söhbətin hara gedəcəyini gözləyirdilər. Bəziləri məsələnin o qədər də ciddi görünmədiyini anlayıb bir az sakitləşmişdilər.
“İki ay bundan əvvəl,” deyə Elion davam etdi. “İn-Pesl müdafiə evinə hücum baş verib. Otuz səkkiz nakra və on iki mülki vətəndaş öldürülüb. Nakraların çoxu təlimi davam edən kursantlar olsalar da qurbanlardan biri altıncı dərəcəli döyüşçü idi.”
İki yaşayış məskəni arasındakı yolun uzunluğu bir gündən artıq olarsa, həmin yolun mərkəzinə müdafiə evi adlanan nakralardan ibarət kənd salınır (Müdafiə evləri daha çox təlim mərkəzi kimi istifadə olunur). Belə yerlər gün batanadək təhlükəsiz bir yerə çata bilməyən hər kəsi qorumaq məqsədi ilə fəaliyyət göstərir. İn-Pesl, İn-Jizar və Tokra kimi müdafiə evləri Yeni Azarın ən təhlükəli yerlərində qurulmuş indiyədək müdafiəsi heç vaxt qırılmayan kəndlər idi.
Zeldan “Cənab Elion,” deyə etiraz etdi. “Siz də bilirsiniz ki, ağır keçən qışdan sonra vidraların qorxusuz davranışları çox müşahidə edilir. Son vaxtlar bu məxluqlar acından az qala bir-birilərini yeyirlər. Müdafiə evlərinə hücum etməkləri heç də təəccüblü deyil. Bu cür hadisələr Raqada tez-tez baş verir, ən təcrübəli döyüşçülərimiz ölür.”
Elion, Üçlüyə, sonra digərlərinə baxaraq “Hə, haqlısınız,” deyə təsdiqlədi. “Lakin mən döyüşçülərin vidralar tərəfindən öldürüldüyünü düşünmürəm.”
Otağa sükut çökdü. Bir müddət heç kəs danışmadı.
“Bu nə deməkdi?” Raqa hökmdarı Raqnild tərəddüdlə soruşdu. “Demək istəyirsiniz…”
“Bəli,” dedi Elion, “zənnimcə, bu cinayətdir. Çünki bəzilərinin qılıncla öldürüldüyünü göstərən güclü dəlillərimiz var,”  deyə əlavə etdi.
Zeldan alnını qırışdırdı. “Necə yəni güclü dəlillərimiz var?” dedi. “Cəsədlər əlinizdə deyil?”
“Əlimizdədir, lakin vidralar onları, üzərlərində tədqiqat aparılmayacaq vəziyyətə salıblar. Fikrimcə cinayətkarlar, bizim onların vidralar tərəfindən öldürüldüyünə inanmağımızı istəyir.”
“Sizcə, bunu kim edə bilər?” Şimal idarəçilərindən biri soruşdu, “Yəni hər kəs bilir ki, nakra və qazzalardan başqa yalnız methalar və quldurlar silah daşıyırlar ki, onların da nəinki altıncı dərəcəli, hətta təlimini yeni bitirmiş nakrayla qarşılaşmağa nə gücləri, nə də cəsarətləri çatar.”
“Tamamilə haqlısınız,” dedi Elion. “Biz də ilk əvvəl bu haqda düşündük. Hətta tədqiqatları bir müddət bu istiqamətdə davam etdirdik. Ancaq hadisə yerində müqavimət izləri demək olar yox idi. Heç birinin qılıncında qan izinə rast gəlmədik. Bəzilərinin qılıncları qırılıb, bəziləri isə qılıncını çəkməyə belə imkan tapmayıb. Bu, daha da böyük bir sual doğurur. Hansı döyüşçü nakraları heç bir zədə almadan öldürə bilər?” dedi soyuq səslə. “Nə cür bir döyüşçü altıncı dərəcəli nakranı tək bir zərbə belə almadan öldürə bilər?”
“Əgər quldurlar deyilsə onda kim?” Raqa hökmdarı təəccüblə soruşdu. “O insanları və nakraları öldürmək kimin nəyinə lazımdı?”
“Əslində, tədqiqatlar hələ də davam edir ancaq…” Elion bir anlıq dayandı. “Məncə, burada başqa bir düşmənin əli var, çoxdandır unutduğumuz, yox olduğunu düşündüyümüz düşmən. Draqzin.”
Zal sükuta qərq oldu. Heç kəs məsələnin bu yerə gələcəyini düşünməmişdi. Buna bənzər iddialar heyət yığıncaqlarında indiyədək dəfələrlə səslənmişdi. Qaranlıq şahzadənin ölümündən dörd əsrdən çox vaxt keçməyinə baxmayaraq çıxan hər naməlum hədisənin adı az qala Draqzinqoyulurdu. Hətta buna görə şəhər idarəçiləri və hökumət arasında anlaşımazlıqlar yaranmış, sonradan üsyana kimi qalxmışdır.
“Bilirəm, hər kəs onun öldüyünə inanır, bəlkə də elə belədir. Ancaq onun hələ də sağ qalan bir yandaşı var və o, başçısının öldüyünə inanmır,” Elion təkidlə əlavə etdi.
“Cənab Elion,” dedi Üçlükdən qarasaçlı gənc ekro. “İdarə heyətində yeni olduğunuzu anlayıram. Ancaq biz, tarix boyu səbəbini bilmədiyimiz bütün problemlərin kökündə Draqzinin əli olduğunu düşünmüşük və bilirsiniz ki, hər birində yanılmışıq. İndi isə siz eyni şeyi təkrarlayırsınız, heç bir əsasınız olmadığı halda bu cür fərziyyələrlə hər kəsi boş yerə təşvişə salırsınız.”
“Mən yalnız ən güclü ehtimalın bu olduğunu bildirmək istəyirəm. Bilirəm, vaxtı ilə Kölgə ovçuları Draqzinin bir çox yandaşını öldürüb,” son cümləni deyərkən gözucu Zeldana baxdı. “Amma ən sadiq adamlarından biri ola bilsin hələ də sağdır və ola bilsin…”
“Cənab Elion,” qarasaçlı ekro Elionun sözünü kəsdi, “Bu məsələni təkrar-təkrar müzakirə etmək yersizdir. Etibarlı mənbədən həmin döyüşçünün öldüyünə dair məlumatımız var.”
Elion təmkinlə “Etibarlı mənbəniz, bir vaxtlar özü Draqzinin yandaşı olub.” dedi.
Qızılı saçlı ekro “Cənab Zeldan öz sədaqətini bizə andı ilə sübut edib,” deyə qarşılıq verdi. “Onun diyarımıza verdiyi tövhələr əvəzsizdir. Ümid edirəm, yığıncağın məqsədi cənab Zeldanın sədaqətinə şübhə etmək yox, içində olduğumuz vəziyyətdən çıxış yolunu axtarmağımızdır.”
“Əgər məsələnin ciddiyyətini qəbul etməsəniz, vəziyyətdən çıxış yolunu necə müzakirə edəcəyik?”
Qarasaçlı ekro “Siz axı bilirsiniz, dəlil olmadığı təqdirdə bunu qəbul etməyimiz mümkün deyil,” deyə nəzakətlə bildirdi. “Biz burada ehtimalları yox, faktları dəyərləndiririk.”
Elion “ Haqlısınız,” dedi, “hazırda tutarlı dəlilim yoxdur, amma…” bir anlıq susdu, “amma şahidim var.”
Zeldan, “Şahid?” dedi təəccüblə.
Elion “Bəli, şahid,” deyə təkrarladı. “Bu cinayətin şahidi var. Hadisə baş verən vaxt Hufin kəndindən bir dəmirçi gizlənə bilib. Ehtimal ki, bütün hadisənin şahidi olub.”
Şimal idarəçilərindən biri “Şahid əlinizdə deyil?” deyə təəccüblə soruşdu.
“Xeyr. İlk vaxtlar bunun adi vidra hücumu olduğunu düşündüyümüz üçün onu buraxdıq. Düzdü, buraxmazdan əvvəl gördükləri haqda soruşduq, ancaq bizə heç nə görmədiyini söylədi. Yalan deyirdi. Gördükləri onu nədənsə çox qorxudub.”
Raqnild “Əgər şahidiniz varsa, yığıncağı niyə onu sorğuya çəkdikdən sonraya salmırdınız?” dedi. “Yarımçıq dəlillər və fərziyyələrlə nə etməyə çalışırsınız?”
“Haqlısınız. Ancaq biz lazımi dəlilləri tapana kimi çox gec olacağına inanıram.”
“İnanmaq insanlara xas düşüncədir. Biz bu diyarı əsrlər boyu inancımızla yox, məntiq və idrakımızla idarə etmişik.”
Şimal idarəçilərindən biri “Cənab Elion,” dedi.  “Bütün bunları Draqzinin sağ qalan bir yandaşının etdiyini iddia edirsiniz. Bəs fikrinizcə, onun məqsədi nə ola bilər? Yəni əsrlərdir gizləndiyi yerdən çıxmağının səbəbi nədir?”
Elion düşünmədən “Bilmirəm,” dedi, “Hər hansı bir şey ola bilər. Məsələn, hakimiyyəti ələ keçirmək, ya da Draqzini həyata qaytarmaq.”
“Siz də bilirsiniz ki, ekrolar hakimiyyət hərisi olmurlar.”
Elion özünü tamam gücsüz və məğlub olmuş hiss edirdi “Yaxşı, qəbul edirəm, Draqzinin sağ qalma ehtimalı yoxdur. Sağ olsa belə ardınca bu dünyaya gəlmə səbəbini yox etmişik…” susdu. Nə deyəcəyini bilmirdi. Dəlillərin yetərsiz və inandırıcı olmadığını özü də bilirdi. Əlində, yalnız, öldürülmüş insanlar və bununla əlaqəsi olduğunu düşündüyü fərziyyələr vardı.
Qızılı saçlı yaşlı ekro bütün heyətə səslənərək “Məncə, cənab Elionun dəlil yetərsizliyi, baş verən naməlum ölüm hadisələrini təbii qəbul etməyimizə yol verməməlidir,” dedi. “Son vaxtlar bəzi qəribə hadisələrin baş verdiyini hər birimiz bilirik. Bəlkə bəzilərini sərt keçən qışla əlaqələndirmək olar. Ancaq, İn-Pesldəki hadisə ilə ilk dəfədir qarşılaşırıq. Bu, istər muzdlular olsun, istərsə də başqaları fərqi yoxdur. Əvvəl-axır bir qərara gəlməliyik.” Eliona çevrilərək, “Yaxşı, cənab Elion,” dedi, “müzakirə etməyimizi istədiyiniz təklif nədir?” deyə hər kəsin çoxdandır gözlədiyi sualı verdi.
“Ordu,” dedi Elion tərəddüd etmədən. “Şər yenidən yüksəlməmiş onun qarşısını alacaq böyük bir ordu hazırlamağıma icazə verməyinizi istəyirəm.”
“Siz nə dediyinizi bilirsiniz!?” deyə şimal idarəçilərindən biri qarşı çıxdı. “Burada yalnız fərziyyələr göstərərək ordu qurulmağı kimi ciddi bir məsələni qaldırmaq olmaz. Bir də ki, ordu qurmaq haqda qadağa A qrupuna aiddir. Bu da o deməkdir ki, sözügedən qanunu heç vaxt dəyişdirmək olmaz.”
Elion “Qanunları yaxşı bilirəm,” deyə nəzakətlə bildirdi. “A qrupuna aid qadağa və qanunları heyət yekdilliklə qəbul edərsə, dəyişdirmək olar.”
Qarasaçlı ekro “Cənab Elion, bizim bu cür qərarı qəbul etməyimiz mümkün deyil,” dedi. “Öz dediklərinizə şəxsən sizin də şübhələriniz var ikən bizim sizə inanmağımızı necə gözləyirsiniz? Əgər şahidiniz bizə lazımi məlumatları göstərə bilsəydi, bunu müzakirə etməyimiz mümkün olardı.”
Elion nəhayət “Şahidi sizə gətirəcəm,” deyə razılıq verdi. “Digər dəlillərlə birlikdə. Ancaq istəyirəm, ordu toplama qərarını bu gün qəbul edəsiniz. Mən dəlilləri Üçlüyə təqdim edənə kimi onu keçərsiz saya bilərsiniz.”
“Bunun nə fərqi var?” deyə Raqnild soruşdu.
“Fərqi ondadır ki, bu vaxta kimi biz fövqəladə hal elan edib müdafiəni gücləndirə və təlimləri artıra bilərik. Beləliklə, ən azı iki ay qazanmış olarıq. Bu sizə az gələ bilər, ancaq ola bilsin belə vaxtlarda hər keçən gün bizim əleyhimizə işləyir.”
Üçlük bir müddət bir-birilərinə baxıb müzakirə apardıqdan sonra, qadın ekro “Məncə, olduqca məntiqlidir,” deyə bildirdi. “Fövqəlada hal həm də şəhər və kəndlərdə xüsusi müdafiə rejiminə keçmək mənasına gəlir. Belə ki, əsl səbəbkar tapılana kimi mülki əhali arasında itkilər ən aza enəcək və həmçinin yaranacaq təşvişin qarşısına keçə biləcəyik.” Üzünü Eliona çevirərək zərif səsi ilə, “Mən Üçlüyə tutarlı dəlillərin təqdim olunmağı şərti ilə təklifi qəbul edirəm,” dedi.
Qarasaçlı ekro “Dəlil şərtiylə təklifi qəbul edirəm,” dedi onun ardınca.
Şimal idarəçilərinin hər ikisi eynilə təklifi qəbul etdiklərini bildirdilər. Raqa hökmdarı və qazza lideri də təklifi qəbul etdiklərini bildirdilər.
Son olaraq qızılı saçlı ekro, ayağa qalxıb qərarı elan etdi.
“Cənab Eliona növbəti yığıncağadək bizdə heç bir şübhə buraxmayacaq dəlillər təqdim etdiyi təqdirdə təcili olaraq əmri altına tərkibi qazza və nakra döyüşçülərindən ibarət ordu veriləcək. Bu vaxta kimi bütün Azar vilayətlərində fövqəladə hal elan edilərək, hərbi hazırlıq vəziyyətinə keçiləcək. Müdafiələr gücləndiriləcək və təlimə götürülən döyüşçülərin sayı artırılacaq,” deyə bildirdi. Ayaqüstə Eliona çevrilərək, “Ümid edirəm, fərziyyəniz yanlışdır. Əgər deyilsə, dəlilləri mümkün qədər tez tapmağınızı arzulayıram,” deyə olduqca səmimi səslə bildirdi.

6
Qarətçİlər
Bizim gördüklərimiz etdiklərimizin nəticəsidir.
    (İkram qəbiləsi, atalar sözü.)
Növbəti gün onlar üçün bir az tez başladı. Etrak itirdikləri vaxtı bərpa etmək üçün hava hələ qaranlıq ikən yola çıxmağa qərar vermişdi. Sərin meh və meşənin təmiz, xoş havası Eçsonun oyanmağına mane olurdu. Meşə böcəklərinin səsi onu yuxuya çağıran xoş nəğmə kimi qulağında əks olunurdu. Gözləri, yalnız üzünü yaxşıca yuduqdan sonra sözünə baxmağa başlamışdı.
Artıq üçüncü gün idi ki, yolda idilər və Aqrenə görə növbəti gün batanda Xarp qəsəbəsinə çatacaqdılar. Eçso bu xəbərə çox sevinmişdi. Əvvəllər evə qayıtmaq üçün seçdiyi daha qısa yol olan kiçik kəndlər və müdafiə evlərindən keçən yol, onun yeddi – doqquz gün vaxtını alsa da, hazırda vəziyyət dəyişmişdi. Onu cinayətdən axtarırdılar və nakralarla birlikdə onların getdiyi yolla getmək Eçsonun yeganə çıxış yolu idi.
Məcbur olmadıqları halda ona yardım əlini uzadaraq daha vacib işlərini gecikdirmiş, bəlkə də, təhlükəyə atmışdılar. Eçso bunu düşündükcə özündən utanırdı. Son bir gündür ayaq ağrısı dözülməz vəziyyətə gəlsə də, döyüşçüləri daha çox ləngitməmək üçün axsamamağa çalışırdı. Hətta bunun üçün ağrı azaldan otlardan istifadə etmişdi.
Günəş yavaş-yavaş zirvəyə qalxaraq havanı dözülməz istiyə çatdırmazdan əvvəl, nakralar və Eçso yenidən istirahət üçün dayanmışdılar, ancaq bu dəfə istirahət üçün daha fərqli və gözəl bir yer seçmişdilər.
İndiyə kimi, bəlkə də, heç bir insanın girmədiyi bu yer müxtəlif növ kol bitkiləri və cır meyvə ağacları ilə zəngin idi. Yaxınlıqda axan dayaz çayın sərin havası və insanı bu sükutda valeh edən səsi Eçsonun qulaqlarında əvəzolunmaz bir musiqi kimi səslənirdi. Meşənin bu hissəsində ağaclar daha seyrək, kollar isə daha sıx yerləşmişdi. Bir müddət sonra Etrak həmişəki kimi perimetri yoxlamağa, Aqren isə artıq boşalmağa başlayan su qablarını doldurmağa yollandı.
Eçso indiyə kimi meşənin heç bir yerində görmədiyi quş və böcəkləri burada çox tez-tez görürdü. Ağzında başı qoparılmış bir böcəklə yuvasına qayıdaraq yenicə tüklənmiş balalarını yemləyən qəribə görünüşlü quşu seyr edərkən bir tərəfdən də meşədə gəzib buranın hansı növ bitkilərlə zəngin olduğunu öyrənməyə başladı.
“Sən nə edirsən? Bunlar zəhərli ola bilər.” Aqren Eçsonun iştahayla meşə meyvələrini yediyini görüb xəbərdarlıq etdi.
Eçso yanaqları dolu, zeytuna bənzər qırmızı bir meyvəni ağzına ataraq “Narahat olma,” dedi. “Yoxsa yadından çıxıb, mən xenerayam və demək olar ki, bitkilər üzrə mütəxəssisəm.”
Qadın nakra bir az sakitləşərək “Yenə də bu qədər meyvəni yemək düzgün deyil,” dedi. Eçsonun dolu su qabını qaytarıb yerə oturdu. “Bunların içində tanımadığın bitkilər ola bilər.”
“Mənim tanımadığım bitki yoxdu. Bura bax, gör nə tapmışam.”
Meyvələrdən kənara qoyduğu tünd yaşıl rəngli tüklü otu göstərərək “Buna Aten şi deyirlər,” deyə izah etdi, “qarışqa gücü deməkdi. İnsanı yorulmağa qoymur. Əsl ehtiyacım olan şeydi.”
Döyüşçünün rəngarəng meyvələrə baxdığını görüb “Narahat olma, yeyə bilərsən, bunlardan sənə ziyan gəlməz. Bundan başqa,” zeytuna bənzər qırmızı meyvəni göstərərək dedi. “Bu meyvə arıq adamları zəiflədərək haldan salır. Əlbəttə, mənə heç bir təsiri olmur.”
Aqren yumruq böyüklüyündə, şumal üzlü, narıncı bir meyvə götürərək kiçik bir dişlək aldı. “Dadlıdı,” dedi, daha bir dişlək alaraq. “Dadı bir az qəribədi, amma xoşuma gəldi.”
“Bu meyvə mati adlanır, ancaq bu ərazinin meşələrində tapmaq olar. Bildiyimə görə soyuqdəymə və bədəni zəiflədən buna bənzər xəstəliklərə qarşı böyük müalicəvi üstünlükləri var. Həm də sizin o yaşıl yeməyiniz kimi qidalıdı.”
“Bəs bu nədir?” Aqren açıq sarı, sərt üzlü başqa bir meyvəni göstərərək soruşdu.
“Bunun müalicəvi üstünlükləri əlindəki ilə eynidir, əlavə olaraq yetişdiyi ağacın qabığını qaynadıb içsən bir çox mədə problemlərinin qarşısını alar,” deyə Eçso əsl mütəxəssis kimi cavabladı. “Bizim qəbilədə ona nin-jin deyirlər, amma daha çox cora adı ilə tanınır.”
Aqren təəccüblə gülümsəyərək “Sən ki, əsl mütəxəssissən,” dedi. “Bu qədər adı və onların xüsusiyyətlərini yadında necə saxlamısan? Güclü yaddaşın var.”
Eçso “Bu elə də çətin deyil,” dedi təvazökarca. “Sadəcə olaraq bitkilər xoşuma gəlir.”
Bir müddət sonra Etrak da onlara qoşularaq ilk dəfə ikisi ilə birlikdə oturdu. Aqrenin yediyi narıncı meyvədən birini götürərək, “Gün yarımlıq yolumuz qalıb,” dedi.
Meyvəni yemə tərzi Eçsonun diqqətini çəkmişdi. Bu qədər dadlı meyvəni elə yeyirdi ki, elə bil su içirdi. Üz cizgilərində meyvənin dadını bildirən heç bir dəyişiklik hiss olunmurdu. Eçso həm də təcrübəli nakranın hansı meyvələri yediyinə fikir vermişdi. Böyük ehtimalla Etrak da bitkilər haqda az bilmirdi.
“Xarp şəhərinə çatandan sonra evə qayıda biləcəksən,” dedi Aqren.
“Ümid edirəm orada məni qazzalar tanımaz.”
“Narahat olma, səni orada axtarmaq heç kimin ağlına gəlməz,” deyə Aqren bildirdi. “Axtarsalar da biz sənin adını təmizə çıxarıq.”
Eçso “Hələ də başa düşmürəm,” dedi şübhəylə. “Bu necə ola bilər axı? Yəni açıq görünür ki, burada qəribə nə isə var. Yaxşı, qəbul edirəm qocanın ölümündə məndən şübhələnə bilərdilər. Amma yalnız şübhələnə bilərdilər. Bizə vidraların hücum etdiyini nəzarətçi gördü, bundan başqa bütün kənd zəngin bu cür çalınmağının nə mənaya gəldiyini yaxşı bilir. Qocanı mənim öldürmədiyimi göstərən bu qədər dəlil ola-ola qazzalar onu mənim öldürdüyümdən o qədər əmin idilər ki, heç mənə qulaq da asmadılar.”
“Qazzaların bu ittihamı məni də təəccübləndirdi. Bunun nə mənaya gəldiyini çox düşünsəm də ağlıma məntiqli heç nə gəlmir. Hayıf ki, tədqiqat aparmağa vaxtımız olmadı.”
Eçso “Çətin ki bir şey tapardınız,” dedi başını yelləyərək. “Orada bir dənə də olsun vidra cəsədi qalmamışdı. Bütün sübutların itməyi bir yana, hətta qocanın sinəsində bıçaq yarası olduğunu deyirlər. Guya mən onu bıçaqla öldürmüşəm, təsəvvür edə bilirsiniz, mənim soyuqqanlı bir vəhşi kimi onu bıçaqla öldürdüyümü düşünürlər. Ömrümdə belə şey eşitməmişdim.”
Aqren üzünü silahdaşına çevirərək “Siz necə fikirləşirsiniz? Onlara nə lazımdı?” deyə soruşdu.
Etrak “Bilmirəm,” dedi. “Yəqin, səhv salıblar.” Silahdaşı başqa bir sual vermək üçün ağzını açmamış “Məncə, bu qədər kifayətdir,” deyərək ayağa qalxdı. “Yola çıxsaq yaxşı olar.”
Bugünkü istirahətləri digərlərinə nisbətən qısa olsa da heç biri buna etiraz etmədi. Eçso qalan meyvələrin yaxşısından bacardığı qədər çantasına doldurub yollarına davam etdilər.
Günəş batmaq üçün yenidən qərbə doğru əyilib hava soyumağa başladıqda Eçso qadın nakra ilə həmişəki söhbətlərinin ən qızğın yerində idilər. Eçso döyüşçünün nakra texnikası və silahları haqda danışdıqlarının bəzilərilə razılaşmır, qazza silahlarının daha güclü və qorxuducu olduğunu bildirirdi. Əlbətdə hər cümləsində nakra texnikasını nə qədər bəyəndiyini təkrarlamaqdan da əl çəkmirdi.
“Məsələ silahda ya döyüşçünün fiziki qurluşunda deyil, məsələ düşmənə ayaq uydurmaqdadır,” dedi Aqren. “Hansı döyüşçü növünün daha üstün olduğunu demək çətindir. Nakralar və ya qazzalar. Ayrı regionlarda fəaliyyət göstərsələr də qazzalar da nakralar kimi çox illik təlimlər və ağır sınaqlardan keçirlər.”
“Hə ancaq bunu qəbul et ki, hər iki sabitlik döyüşçüləri insanları yalnız vidradan yox, həm də digər insanlardan qoruyurlar. Quldurlardan danışıram. Hə nakralar öz cəldlikləri və incə qılıncları ilə vidralara qarşı daha üstündülər. Amma qazzalar quldurlara qarşı əvəzolunmazdırlar.”
Bu vaxt Aqren yerindəcə donub qaldı. Eçso bir anlıq onun son dediyi sözü düşündüyünü zənn etdi, lakin qadın nakra elə bir heykələ dönmüşdü. Yalnız dodaqları tərpənirdi. Bunun nə mənaya gəldiyini anlayan Etrak qaçaraq silahdaşına çatmışdı.
“Aqren, Aqren,” deyə olduqca alçaq tonda səslədi.
Aqren həmin vaxt cavab vermədi. Üzündəki ifadədən onu nəyinsə narahat etdiyi aydın görünürdü. “Deyəsən təhlükə var,” dedi, nəhayət. “Təqribən beş yüz addım irəlidə.”
Etrak “Nə görürsən?” deyə soruşdu.
Aqren başını silkələdi.
“Tələ… yox adamlar, çoxlu adamlar…” səsi getdikcə titrəyərək nəfəsi daralan Aqren. “Mənə nə isə mane olur!” dedi. Getdikcə daha sürətli və xırıltılı nəfəs almağa başlayırdı. “Zibil! Mən görə bilmirəm.”
Etrak “Özünü çox məcbur etmə,” dedi. “Aqren, kifayətdi.”
Aqren gözlərini açıb qısa müddətlik müvazinətini itirsə də silahdaşının köməyi ilə ayaqüstə dayandı. “Üzr istəyirəm,” dedi təəssüflə. “Kim olduqlarını və saylarını dəqiq görə bilmədim, amma məncə bizə tələ qurublar.”
“Sayları haqda heç bir təsəvvürün yoxdu?”
“Ehtimal ki, yeddi – on iki arası.”
Eçso “Qazzalar!” dedi araya girərək. “Bilirdim ki, arxamca gələcəklər. İndi neyləyəcəyik?”
Etrak düşüncəli baxışlarla Aqrenin göstərdiyi uzaqlığa, sonra Eçsoya baxdı. “Qarətçilər,” dedi əminliklə.
“Qarətçilər? Axı onlar belə yerlərdə olmurlar,” deyə Aqren etiraz etdi. “Onların əsas yerləri ticarət karvanlarının və varlı insanların keçdiyi yollardı. Həm də hansı axmaq qarətçi iki nakraya hücum etmək istəyər?”
Etrak “Ola bilər,” deyərək daha çox mübahisə etməmək üçün söhbəti yarıda kəsdi.
“Əgər siz dediyiniz kimidirsə, onda onların ətrafından fırlanaq.” Aqren deyərək bir tərəfdən də əraziyə göz gəzdirdi.
“Biz yolumuzla gedəcəyik. Fikrimcə, onlar bizim üçün gəliblər və əgər belədirsə, heç ətrafdan fırlanmağın da bir mənası yoxdur. Bizi izləyib başqa yerdə yenə qarşımıza çıxacaqlar.”
Aqren “Bizim üçün gəliblər deyəndə nəyi nəzərdə tutursunuz?” deyə soruşdu.
“Demək istəyirəm, ola bilsin bizim üçün gəliblər. Arxa yollarda iki döyüşçü və böyük çantalı bir tacir istənilən adamın diqqətini çəkə bilər,” deyə Etrak izah edərək çantasından bərk-bərk tutmuş Eçsonu göstərdi.
“O ki, tacir deyil.”
“Ora çatanda, onlara bunu özün deyərsən.”
Qadın nakra silahdaşının getməyə hazırlaşdığını görüb “Dayan,” deyə qarşı çıxdı. “Ola bilsin bir az vaxt itirəcəyik, amma cənub tərəfdən fırlansaq bizi izləməyə cəsarət etmə…”
“Aqren, bilirsən ki, cənubdan fırlanmaq olmaz,” dedi Etrak silahdaşının sözünü kəsərək. “Ora həddindən artıq təhlükəlidir… axı sənə nə olub?”
Aqren özünü qorxusuz və cəsur aparmağa çalışsa da, həyəcandan əlləri titrəyirdi. İlk dəfədir onunla nə baş verdiyini heç özü də anlamırdı. “Orada nə olduğunu heç təsəvvür də etmirəm. Mən hələ də hiss edirəm, nə isə mənə mane olur, nə isə güclü bir şey. Çox güclü və qaranlıq bir şey.”
Aqrenin bu vəziyyəti Eçsonu əməlli başlı qorxuya salmışdı.
Etrak silahdaşına yaxınlaşaraq “Aqren, sən, sadəcə, yorulmusan,” dedi yumşaq səslə. “Buna bənzər hadisə ilk dəfədir ki, baş vermir, bunu özün də bilirsən.”
“Bu başqa. Mən heç vaxt bu qədər… bu qədər qəribə hiss etməmişdim. Elə bil, nə isə bütün gücümü çəkib çıxarırdı. Mən nə dediyimi yaxşı bilirəm.”
Təcrübəli nakra bezərək “Bu qədər kifayətdir,” dedi. “Biz öz yolumuzla gedəcəyik, əgər bir problem varsa, bizim işimiz onu həll etməkdi, qaçmaq yox.”
Aqren “Ancaq…” demək üçün ağzını açsa da, Etrak əlini qaldıraraq mübahisəyə son qoydu.
Etrak bu dəfə Aqren və Eçsoya yaxın gedirdi. Pusqunun olduğu yerə yaxınlaşdıqca ətrafı diqqətlə nəzərdən keçirərək düşündüklərini silahdaşı ilə bölüşürdü.
“Hücum etmək üçün yaxşı yer seçiblər,” deyə Etrak silahdaşına çevrilmədən bildirdi. “Deyəsən doqquz nəfərdirlər. İkisi ön tərəfdə ağacların arasında, dördü ağacların başında, başçıları otuz beş addım önümüzdə gizlənib. Son ikisi biz dayanan zaman arxamıza keçərək yolu kəsəcəklər. Adi quldur düzülüşü. Ehtimal ki, çoxu yaylı silahdan istifadə edirlər. Taktik hərəkətimiz altıncı manevr, yəni uzaq mənzildən dalğa müdafiə, uzaq…”
“Altıncı taktik manevri yaxşı bilirəm ustad, kursant deyiləm,” deyə Aqren hələ də gərgin olan əsəbi səslə onun sözünü kəsdi. Sonra həddini aşdığını alnlayıb “Üzr istəyirəm,” dedi.
“Mən deməyincə hücuma keçmə.” Etrak pusqunun qurulduğu yerə yaxınlaşdıqca səs tonunu aşağı salırdı. “Görək nə istəyirlər?”
Etrak lazımi yerə çatdıqda dayandı. On addımlığındakı enli ağacın arxasında bir döyüşçü olduğunu bilirdi. Hələ uzaqda ikən onun səsini eşitmişdi.
Bir müddət sonra ağacın arxasından hündür boylu, güclü qolları olan bir adam çıxdı. Elə ilk baxışdan qarətçi olduğu açıq görünürdü. Sol əlində tutduğu yayı keyfiyyətli ovçu yayı olsa da belindən sallanan uzun qılıncı səliqəsiz və küt idi. Tüklü üzü və çılpaq bədənə geyindiyi kirli paltarı qarətçinin dəstə başçısı olmağına baxmayaraq, çox da ağıllı olmadığını göstərirdi. Nakra kimi döyüşçülərin yolunu kəsmək elə özü əsl ağılsızlıq idi.
“Atalar dediyi kimi: gözləyən balıqçı qarnı tez doyar. Ha, ha, ha…”
Aqren “Bu kütbeyin heç atalar sözünü də düz deyə bilmir,” deyə pıçıldadı.
Qarətçi hirslənərək “Hey, orada mızıldanmayın,” dedi. “Sizə danışmağa kim icazə verdi?”
Etrak səbirlə “Bizi hansı səbəbdən saxladığınızı soruşmağa icazə verin,” dedi.
Qarətçi üçün bu cümlə bir az qəliz idi.
“Axmaq muzdlu, səncə biz sizi nə üçün saxlaya bilərik? Haa…” tüklü ağzını açıb gülməyə başladı. “Kütbeyin, bizə sizin qızıllarınız lazımdı. Verin bizə onu, yoxsa… yoxsa sizin hamınızı buradaca gəbərdəcəm!”
Etrak ciddi və səbirli halını heç pozmamışdı. “Ehtimal ki, bizi kiminləsə səhv salırsınız,” dedi. “Bizim qızılımız yoxdur. Bir də ki, biz nakralarıq, əgər getməyimizə icazə versə…”
“Məni qoyun yerinə qoymusan?!” deyə qarətçi əsəblə qışqırdı. “Elə bilirsən o küt beyninlə məni, Böyük Rufini aldada bilərsən? Sən və o yanındakı qırmızıbaş uşaqcığaz, döyüşçü paltarı geyinmiş adi muzdludan başqa heç nə deyilsiniz. Sizin kimi saxtakarları  mən hər gün tək əlimlə boğuram.”
Aqren qarətçinin onu qadın nakra yox, uşaq olduğunu zənn etdiyi üçün çox hirslənmişdi. Bir anlıq əlini parlaq bıçaqlarından birinə atarkən silahdaşı onu saxladı.
Etrak “Mən sizi aldatmıram döyüşçü,” dedi. Səsindəki istehzanı ustalıqla gizlədirdi. “Biz həqiqətən nakrayıq və qızıl daşımırıq. Sizə verilən məlumat tamam yanlışdır.”
Etrakın sakit və özündən əmin səs tonu döyüşçünü daha da hövsələdən çıxartmışdı. Yayını yerə atmışdı və yöndəmsiz qılıncını çıxardaraq qışqırdı “Sənin nə olduğun məni maraqlandırmır. Səni tək əlimlə boğaram, bildin! İndi verin bizə o qızılları, yoxsa qanınızla meşəni sulayacam.”
Təcrübəli nakra ağac başlarında və arxalarında gizlənmiş döyüşçülərin yaylarını necə çəkdiklərini eşitdi.
“Rufi, ataq?!” döyüşçülərdən biri ağacın başından səsləndi.
“Kəs səsini, axmaq! Sənə dedim axı öldürün deməyincə atmayın! Mənim ağzımdan öldür kəl…”
Düz ayağının yanında vızıltı ilə bir ox yerə girdi. “HEY! Bu zibili hansı gic balası atdı?! Siz məni dəli etmək istəyirsiniz? Başınız xarab olub?!”
“Bağışla Rufi, əlimdən çıxdı,” deyə yuxarıdan bir nəfər üzr istədi.
“Əlimə keçmə it oğlu, kütbeyin axmaq, az qala məni vuracaqdın! Sənə bir qram da qızıl düşmür.”
Etrak silahdaşına, üçünün eşitdiyi bir səs tonu ilə “Bir azdan hücum edəcəklər,” dedi. “Birinci həmlə onlarındı. Unutma, altıncı manevr. Sənə hamısının yerini göstərəcəm.”
Etrak, hələ də yüksək səslə öz adamına söyən qarətçinin sözünü kəsərək “Üzr istəyirəm,” dedi. “Şirin söhbətinizi bölmək istəməzdim, amma biz bir az tələsirik.”
Qarətçi həmin az boğazı kəsilmiş kimi qışqır-bağırı kəsdi. Üzündəki axmaq gülümsəmə getdikcə böyüyərək, çürük dişləri görünənə kimi ağzını açdı.
“Onu eşitdiniz… ha, ha, ha. Onu eşitdiniz… ha, ha, ha. O deyir bizim vaxtımız yoxdu. Ha, ha, ha…” əllərini iki yana açaraq var gücü ilə gülməyə başlamışdı. “O, ölmək üçün tələsir, ha, ha, ha…”
Tezliklə gizlənmiş bütün adamları ona qoşularaq dərindən gülməyə başladılar.
Etrak “Yerlərini bildin?” deyə silahdaşına səsləndi.
Aqren “Bəli,” dedi. “Mən hazıram.”
Qarətçi “Kəsin səsinizi axmaqlar, öldürün onları!” deyə əmrini verdi.
Hər şey, sanki, bir göz qırpımında baş verdi. Boşalan yaylardan çıxan oxlar, vızıltı ilə onlara tərəf gələrkən, Aqren, Eçsoyla birlikdə yerə əyilmişdi. Etrakın edəcəyi müdafiə onlara da zərər verə bilərdi.
Təcrübəli nakra iki əli ilə, ətrafında suya bənzər dalğa yaradaraq oxları böyük bir gurultu ilə ətrafa səpələdi. Düşmən yenidən yaylarını doldurmağa macal tapmamış Aqren bıçaqları ilə ağaclardakı  oxçuları zərərsizləşdirmişdi. Arxadan qılıncla hücum edən iki döyüşçüyə isə uzun xəncəri ilə ağır zərbə endirmişdi. Qalan iki döyüşçü yaylarını atıb başçılarına yaxınlaşan qara geyimli nakranı saxlamaq üçün onun üzərinə bıçaqla hücum çəkdilər. Ancaq Etrak, əlindən çıxardığı qara alova bənzər sehrlə onları həmin an kül etmişdi.
Etrak, böyük addımlarla qarətçiyə yaxınlaşaraq qılıncını tərəddüd belə etmədən onun qarnına sancdı. Qarətçinin hələ də nə baş verdiyini anlamadığı gözlərindən oxunurdu. Bütün döyüş müddətində cəmi bir neçə dəfə qırpmışdı gözlərini. İndiyə kimi heç vaxt bu qədər sürətli məğlub edilməmişdi. Halbuki ona çox asan olacağı deyilmişdi.
Etrak qılıncını qarətçinin qarnından çıxarmadan onu yerə uzadaraq “Sənə bizim yolumuzu kəsməyi kim məsləhət görüb?” deyə soyuq səslə soruşdu.
“Mən… bilmirəm,” dedi qarətçi. Çətinliklə nəfəs alırdı.
Aqren və Eçso onun yanına gəlmişdilər. Qarnında qılınc yerə sərilmiş döyüşçünün nə deyəcəyini onlar da eşitmək istəyirdilər.
Etrak başını yellədərək “Əgər deməsən,” deyə təhdid etdi, “səni buradaca qoyub gedəcəyəm. Bu yara ilə gün batana kimi yaşaya bilərsən. Qanaxman olmayacaq, yalnız keçmək bilməyən saatlar və dözülməz ağrı olacaq. Gün batdıqdan sonra isə…” Təcrübəli nakra, qarətçinin qorxudan bərəlmiş gözlərinə baxaraq səsini daha da dəhşətli və soyuq hala gətirdi. “Hə əsas məsələ gün batandan sonra olacaq. Bir neçə gündür ac gəzən vidralar qurbanına nə edir, bilirsən? Onu həmin an öldürmürlər. Qurbanını görən kimi birbaşa diri-diri onun qarnını cırıb daha qidalı və yumşaq olan iç orqanlarını yeyirlər. Ciyərini, böyrəyini, ürəyini… Ancaq sən hələ də sağ olursan və onun səni necə yediyinə baxırsan…”
“BƏSDİ!” Gözlənilmədən Eçso dəli kimi qışqırdı. Gözləri qan-qırmızı olmuşdu. Bütün üzü gözlərindən axan yaşla islanmışdı. “Əl çək ondan! Kəs səsini!” deyə bağırırdı. “Zəhləm gedir səndən RƏDD OL!” qışqıraraq qaçdı.
Gəncin bu hərəkətindən heyrətə gəlmiş nakralar bir an yerlərində donub bir-birilərinə baxdılar.
“Onun ardınca get,” deyə Etrak silahdaşına əmr etdi.
Bir qədər vaxt sonra Etrak silahdaşını tapdı. Uzaqdan onun gənc oğlanla necə söhbət etdiyinə baxırdı. Eçso onu hər gördükcə üzünü başqa tərəfə çevirirdi. Aqrenə nə isə dedikdən sonra qadın nakra silahdaşına yaxınlaşdı.
“Nə olub, niyə belə etdi?” deyə Etrak soruşdu.
Aqren “Bilmirəm,” dedi, “yəqin, sözləriniz onu çox qorxudub.”
“Yaxşı, ona de gəlsin. Buralar çox təhlükəlidi.”
Aqren tərəddüdlə “Məncə,” dedi, “sizi bir müddət görməsə yaxşı olar. Çox sarsılıb.”
“Mənim oyun oynamağa vaxtım yoxdu. Çağır gəlsin.”
Aqren dönərək getmək istədikdə Etrak “Dayan,” deyərək onu saxladı. “Mən qabaqda gedəcəm, çox geridə qalmayın,” deyib getdi.
Eçso, Etrakı bir müddətlik də olsa görməyəcəyinə sevinmişdi, keçmişi ilə bağlı xatirələri canlandırdığı üçün onu görmək istəmirdi. Ekroların bu qədər qəddar olduqlarını deyil təxmin etmək, onların kin, nifrət və şiddət kimi insani duyğulardan məhrum olduqlarını düşünürdü. İndiyə kimi məcbur olmadıqca insanlara və hətta vidralara belə zərər vermədiklərini eşitmişdi.
Aqren, Eçsonun dalğın halını görüb “Onu başa düşməyə çalış,” dedi. “O, bizi qorumağa çalışırdı.”
Eçso bir müddət səssizliyini qoruduqdan sonra çoxdandı gözdən itmiş Etrakın eşitməyini ümid edərək yüksək səslə “O əsl vəhşidi!” dedi. “Bir də ki, ekrolar nə vaxtdan bəri insan öldürürlər? Onun o adamlara nə etdiyini gördün? Onları bir anda külə döndərdi. Siz nakralar bu işlə məşğulsunuz, qarşınıza çıxan problemi bu cür həll edirsiniz? Öldürərək?!”
Aqren nə deyəcəyini bilmədi. Eçso haqlı idi. Nakraların qanun pozuntusuna qarşı çox ciddi yanaşsalar da, ölümə heç vaxt cəza olaraq baxmırlar. Bu onların ən başlıca qanunlarından biri idi. Aqren döyüş vaxtı qarətçiləri, sadəcə yaralasa da, Etrak önünə çıxanı öldürmüşdü.
Eçso əsəbinə hakim olmağa çalışdı. Bütün hirsini Aqrenin üzərinə tökmək düzgün olmazdı. “Üzr istəyirəm,” dedi üzünü yola tutaraq. “Mən… mən, sadəcə, belə şey gözləmirdim.”
Günorta istirahət vaxtı Eçso, Etraka çox yaxınlaşmadı. Ona yan gözlə çəkinərək baxırdı. Təcrübəli nakra nə etsə də indiyə kimi düz üç dəfə onun həyatını xilas etmişdi, həm də onu qazzalardan gizlətmək üçün bu qədər əziyyətə girmişdi. Bütün bunlardan sonra Etrak onları öldürməyə çalışan quldurları öldürdü deyə onu qəddar saymaq bəlkə də yanlış olardı. Heç nəyə baxmayaraq o, hər halda nə etdiyini yaxşı bilirdi. Beş əsrdə topladığı təcrübə ona, bəlkə də, bəzi qanunların insanlar üzərində istisna təşkil etdiklərini öyrətmişdi. Bəlkə də, o, qarətçilərin sağ buraxıldığı təqdirdə gələcəkdə məsum insanları öldürəcəklərini bilirdi. Bəlkə də…
Həmin gecə Eçsonun yuxusu tamam qaçmışdı. Hər gözünü yumduğu an qanlı xatirələr onu narahat edirdi. Nəhayət boş yerə uzanmaqdan əl çəkib başını qaldırdı. Gecə yarısı olmağına baxmayaraq ayın ağ işıqları meşənin tavanından süzülərək hər tərəfi işıqlandırırdı. Ay işığında qırmızı saçı parlayan Aqrenə baxdı. Qadın nakra oturaraq bıçağı ilə oynadığını görüb ona yaxınlaşdı.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68776572) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Xeyrin çöküşü Zaur Pənahov
Xeyrin çöküşü

Zaur Pənahov

Тип: электронная книга

Жанр: Зарубежное фэнтези

Язык: на азербайджанском языке

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Xeyrin çöküşü, электронная книга автора Zaur Pənahov на азербайджанском языке, в жанре зарубежное фэнтези

  • Добавить отзыв