İfritə

İfritə
Onore de Balzak
«İfritə» hekayəsi xristian kilsəsi tarixinin ən rüsvayçı səhifələrindən birini – inkvizisiya və “əcinnələr ovu” dövrünü bütün çılpaqlığı ilə göstərir. Hekayədə orta əsrlərin axırından və intibah dövrünün başlanğıcından danışılır. Balzak öz əsərində ilahi qüvvələrin iradəsindən azad olan insanın yaranışını, əvəzində ruhanilərin necə maddiyyətə yuvarlandıq-larını və “mentalitet” pərdəsi altında edilən bütün hərisliklərindən doğan cinayətlərini rəngarəngliyi ilə göstərir.

Onore de Balzak
İfritə (hekayə)

Tərcümə edən: Əsgər Ağayev


© KitabKlubu.org, 2014
© Azərnəşr, 1965

Proloq
Möhtəşəm Tur şəhərinin bir para sakinləri bu kitab müəllifinin qədimləri, eyni zamanda bizim bəxtiyar ölkəmizdə baş vermiş qəribə hadisələri və məhəbbət macəralarını böyük şövqlə öyrəndiyini eşidib qərara gəldilər ki, Tura aid olan hər şey müəllifə məlum olmalıdır və bir dəfə xeyli içdikdən sonra belə sualla ona müraciət etdilər: o etimologiyanın bilicisi kimi Tur şəhərinin küçələrindən birinin nə səbəbə «Qızmar» adlandırıldığını müəyyən edibdi? Bu sualla da onlar az maraq doğurmadılar. Buna cavab olaraq müəllif təəccüb edib bildirdi ki, Turun köhnə sakinləri yuxarıda adı çəkilən küçədə yerləşmiş saysız-hesabsız monastırları unuda bilərdilər; bu monastırların divarları rahiblərin və rahibələrin ciddi pəhrizlərindən uzun müddət elə qızırdı ki, abırlı bir qadın bu divarların yaxınlığında axşam gəzintisinə çıxırkən addımını yavaşıdardısa çox çəkmədən hamilə olardı. Miskin bir zadəgan bilikli adam olması ilə öyünmək üçün dedi ki, şəhərin bütün fahişəxanaları vaxtı ilə həmin yerdə cəmləşmişdi. Başqa birisi elmin dolanbac yollarından bəhs etdi, qədimdə olub-keçənləri bu günkü yeniliklərlə bağlayaraq dilavərcəsinə, lakin anlaşılmaz tərzdə danışmağa başladı: hansı sözlərin – haradan yarandığını və onları necə işlətmək lazım gəldiyini izah edirdi, o, felləri bir-bir dişlərinə vururdu, qədim dilləri – yəhudi, xaldey, misir, yunan, latın dillərini kimyagər kimi şərh edirdi. Nə üçünsə Tur şəhərinin bünövrəsini qoymuş Turnusu da bu məsələyə qarışdırıb əlavə etdi ki, əkər chauld (qızmar) sözündən iki, H və İ, hərflərini atsan «quyruq» mənasını verən cauda sözü əmələ gələr; bundan da o çıxar ki, bu işə kiminsə quyruğu qarışmışdır; Turun xanımlarının bu müdriklikdən anladıqları da elə yalnız quyruq oldu.
Bir qoca isə bildirdi ki, keçmiş gözəl günlərdə bu küçənin yerində, qaynar çeşmə varmış və onun ulu babaları buradan su içərmiş. Bir sözlə, milçəyin milçəklə qovuşmasına lazım olduğundan da az müddətdə bir yığın etimoloji izahatları bir-birinin üstünə qaladılar, bu izahatlar içərisində həqiqəti aşkara çıxarmaq katolik rahibin pırtlaşıq saqqalında biti axtarıb tapmaqdan daha çətin idi. Çox-çox monastırları gəzib dolaşmış, yuxusuz gecələrdə ona işıq saçan lampada az yağ yandırmamış, xeyli qədim kitabları köhnəltmiş, Tur şəhərinin tarixinə dair isə əkinçinin avqust ayında zəmidən yığdığı sünbüldən çox məlumat – qədim əl yazıları, aktlar, protokollar, tədqiqatlar – toplamış sısqa, podaqra xəstəliyindən ikiqat olmuş bir qoca alim isə küncdə dinmədən əyləşərək birdən istehza ilə gülümsündü və aydınca dedi: «Boş şeydir! Onun bu nidasını eşidən müəllif başa düşdü ki, bu qocaya doğru-dürüst bir tarix məlumdur və oxucunu bu tarixlə sevindirmək olar.
Doğrudan da ertəsi günü podaqra xəstəliyinə mübtəla olan qoca müəllifə dedi:
– «İxtiyarsız günah» adlandırdığınız poemanızla siz mənim hörmətimi həmişəlik qazanmısınız, çünki bu poemada hər şey başdan ayağa həqiqətdir, bu isə, mənim anladığıma görə belə materiallarda ən qiymətli keyfiyyətdir. Lakin mən görürəm ki, messir Bryuin de la Roş-Korbonun döndərib xaçpərəst etdiyi mavr qadının macərası sizə məlum deyil. Bu macəra mənə məlumdur və əgər «Qızmar küçə adının izahı və həmçinin misirli rahibənin taleyi sizi maraqlandırırsa onda mən baş keşişin arxivindən götürdüyüm qədim sənədlərdən ibarət maraqlı bir məlumatı sizə təqdim edərəm. Bu sənədləri götürdüyüm kitabxana, bizlərdən səhərə qədər başımızın sağ qalacağına axşamdan heç kəsin zamin ola bilməyəcəyi günlərdə bir qədər xəsarət görmüşdür. Ümidvaram ki, siz tamamilə məmnun olarsınız, elə deyilmi?
– Əlbəttə, – deyə müəllif cavab verdi.
Beləliklə, müəllif qədim sənədləri səylə toplayan adamdan, istifadə üçün, toz basmış bir neçə gözəl perqament aldı; demə bunlar kilsə məhkəməsinin qədim protokolları imiş; müəllif bunları asanlıqla fransız dilinə tərcümə etdi; o belə hesab etdi ki, uzaq keçmişin sadədilliyini açıb göstərən orta əsr məhkəmə işinin dürüst bərpası dedikcə maraqlı olar. Beləliklə də, diqqət edin! Müəllif dilin bütün hiyləgər müdrikliklərini anlaya bilmədiyindən öz fərasətinə görə şərh etdiyi sənədlər bax, bu qaydada düzülmüşdü.

Birinci fəsil
İFRİTƏ KİMDİR
In nomine Patris, et Filii, et Spiritus Sancti.
    Amen[1 - Atamız, oğlumuz və müqəddəs ruhun naminə. Amin. (lat.)].
Miladın min iki yüz yetmiş birinci ilində biz, baş cəza verən və ruhani işləri üzrə hakim – bu işə Tur şəhərindəki müqəddəs Movrikiya kilsəsi yanında olan ruhanilər heyətinin üzvləri tərəfindən dəvət olunmuş – Jerom Kornil şəhər sakinlərinin şikayət və gileylərini başımızın sahibi arxiyepiskop Jean de Monsoroya təqdim etməli idik; onların ərizələri bu şikayət və gileylərə tikiləcəkdir. Bir para adlı-sanlı şəxslər, həmçinin şəhər sakinləri və rəiyyət bütün yeparxiyadan gəlib şübhələndiklərini bildirmişlər ki, arvad cildinə girərək xaçpərəstləri yoldan çıxaran iblis azğınlıqlar törədir. Həmin iblis hal-hazırda kapitula yanındakı zindana salınmışdır. Bu şikayətlərin doğru olmasına inanmaq üçün hər bir şahidin ifadəsini iblisə bildirməyi və ona verilən ittihamlar haqqında ondan soruşmaq, onu contra daemonios[2 - İblis əleyhinə (lat.)] qanunları əsasında mühakimə etmək məqsədilə biz bu il dekabrın 11-də bazar ertəsi, gündüz ibadətindən sonra həmin istintaqa başladıq.
Protokol yazmaq və tərtib etmək üçün biz çox elmli adam olan rubrikator Qilom Turnebuşu kapituldan dəvət etmişik.
İfadə vermək üçün bizim yanımıza birinci olaraq Jean, Tortebra və ya Fırıldaqçı adlanan bir Tur sakini gəldi; hökumət idarələrinin icazəsi ilə o, körpünün yanındakı meydanda «Hacıleylək» adlı mehmanxana saxlayır. Tortebra müqəddəs incilə əl basıb vicdanının pak olmasına and içdi ki, öz qulaqları ilə eşitmədiyi, öz gözlərilə görmədikləri haqqında bir kəlmə də danışmayacaq, odur ki, aşağıdakıları dedi:
– Şəhadət verirəm ki, təqribən iki il bundan əvvəl İvan günündə, Bayram tonqalları yandırılan zaman zahirindən kral xidmətində olan və müqəddəs torpaqdan qayıdırkən bizdə əylənmiş tanımadığım bir zadəgan kapitulun icazəsi ilə Sent-Etyen çölü adlanan yerin yanında mənim tikdirdiyim evi kirayə etmək arzusunda olduğunu bildirdi. Bu evi üç bezant[3 - Cəlib Əhmər dövründə Avropada hər yerdə işlənən Bizans qızıl sikkəsi.] təmiz qızıla ona doqquz il müddətinə kirayə verdim.
Həmin cəngavər dediyim evə bir qız köçürtdü; qız üzdən gözəldi, sarasinlər və ya mərakeşlilər kimi bizə yad olan paltar geyinmişdi. O, qızı hamıdan gizlədirdi və bir oxun qət etdiyi məsafədə evin yanına heç kəsi buraxmırdı. Bununla belə mən görə bildim ki, qızın başı alabəzək lələklərlə bəzənmişdir, dərisinin rəngi qeyri-təbii dərəcədə gözəldir, gözləri isə elə yanırdı ki, təsvir etməyə boyun olmuram və bu fikirdəyəm ki, bu gözlərdən cəhənnəm alovu saçılırdı.
Mərhum cəngavər qızın yaşadığı mənzilə burnunu soxmağa cəsarət edən hər adamı ölümlə təhdid etdiyi üçün mən bərk hürküyə düşüb, öz evimi tərk etdim və qadınlar arasında tayı-bərabərini görmədiyim bu qədər cazibədar əcnəbi qızın bəlkə də iblis olmasından qorxduğumdan şübhələrimi bu günə kimi də saxlamışam.
Hər cür rütbədən olan bir çox adamlar cəngavərin artıq öldüyünə, bizim vilayətimizdə həmişəlik qalmaq istəyən qadın cildli qızın yalnız caduları, sehrləri, əfsunlaşmış dərmanları və iblislərə məxsus sairə tilsimlərinin gücü sayəsində ayaq üstə dura bildiyinə şübhə etmədiklərindən bildirirəm ki, o cəngavərə həmişə rast gələndə rənginin pasxa şamı kimi ağappaq olduğunu görürdüm. “Hacıleyləkdə” yaşayan adamlar isə bilirlər ki, həmin cəngavər gəldiyinin doqquzuncu günü dəfn edildi. Mehtərin dediyinə görə onun mərhum ağası düz yeddi gün evdən eşiyə çıxmadan mərakeşli qızla bərk mazaqlaşmışdı və ölüm yatağında bunları etiraf edərkən bizi dəhşətə gətirmişdi.
Belə olduqda deyirdilər ki, guya bu iblis qadın həmin cəngavəri uzun saçları ilə özünə bağlayıbmış, guya bu saçların yandırıcı xüsusiyyətləri varmış, cəhənnəm odu, məhəbbət odu şəklində xaçpərəstləri bürüyür, ruh bədəndən çıxıb birbaş iblisin əlinə keçməyincə onlar coşqun ehtirasa qapılırlar. Mənsə təsdiq edirəm ki, belə bir şey görməmişəm, gördüyüm ancaq bu olmuşdur ki, mərhum cəngavər taqətdən düşmüşdü, sapsarı saralmışdı, barmağını da tərpədə bilmirdi. Buna baxmayaraq ruhani atanın öyüd-nəsihətlərinə qulaq asmayıb öz aşnasının yanına can atırdı. Adamlar deyirdilər ki, o, müqəddəs torpaqda vuruşmuş kavaler de Byueldir və şayiələrə görə Asiya ölkəsində, Dəməşq və ya başqa bir yerdə onu sehrləmiş həmin iblisə rast gəlmişdir.
Nə olursa olsun, mülkümü icarəyə verirkən bağlanmış müqavilənin şərtlərinə əsasən evi naməlum qızın ixtiyarında qoydum. Cəngavər vəfat etdikdən sonra dediyim əcnəbi qızdan mənim mülkümdə qalıb qalmamaq istədiyini soruşmağı qərara aldım. Dərisi qara, yarıçılpaq və ağ gözləri olan qəribə bir adamın müşayiəti ilə məni böyük çətinliklə nəhayət qızın yanına buraxdılar. Mərakeşli qızı bu zaman mən par-par yanan qızıl və qaş-daş içində parlaq işığa qərq olmuş halda gördüm; əynində nazik paltar Asiya xalısının üstündə uzanmışdı, yanında qəlbini bu qızın üzündən məhv etmiş başqa bir zadəgan uzanmışdı. Ona baxmağa mənim cəsarətim çatmadı, çünki onun yalnız səsindən bədənim soyuyub başım gicəldisə və qəlbim ona can atdısa, onda gözləri bir anda məni ona təslim olmağa vadar edərdi. Mən ağlımı itirib, allahdan, eləcə də cəhənnəmdən qorxaraq öz mülkümdən qaçdım, iblis kimi od saçan bu qaraşın müsəlmanı görmək, adamın ürəyini parçalayan səsini eşitmək insanı məhv edirdi. Hələ adi qadınların ayaqlarından çox-çox kiçik olan ayaqlarını demirəm. Cəhənnəm əzablarından qorxduğum üçün o gündəndir ki, öz mülkümə daha ayaq basmıram. Mən hamısını dedim.
Bir həbəşi və ya nubiyelini biz dediyimiz Tortebraya göstərdik, o başdan ayağa qədər qapqara idi, bütün xaçpərəstlərə bəxş olunmuş kişilik əlamətindən tamamilə məhrum idi. Dəfələrlə işgəncə edilmiş və hətta bədəninə dağ basılmış bu həbəş bərkdən inildəsə də inadla susduğundan müəyyən edildi ki, o bizim ölkənin dilini bilmir. Dediyimiz Tortebra bildirdi ki, bütpərəst həbəş onun evində iblislə bir yerdə yaşayıb sehrbazlıqda ona kömək edirdi.
Böyük katolik dininə ürəkdən etiqad edən həmin Tortebra bildirdi ki, daha heç şeydən xəbəri yoxdur və başqalarından eşitdiklərini deyir, bunlar özgələrinə də məlumdur, öz gözlərilə görmədiyi üçün yalnız eşitdiklərinə şəhadət verir.
Bizim çağırışımızla ikinci olaraq Sent-Etyenin yaxınlığındakı fermada günəmuzd işləyən Boşboğaz ləqəbli Matvey gəldi; müqəddəs incilə and içib, ancaq düzünü deyəcəyini bildirən bu adam etiraf etdi ki, əcnəbi qızın pəncərələrində həmişə parlaq işıq görmüş və gündüz də, gecə də, bayramlarda da, pəhrizdə də, müqəddəs həftədə də onun evindən ədəbsiz iblis qəhqəhələri eşitmişdir, sanki orada saysız-hesabsız camaat kef edirdi. O bildirdi ki, evin pəncərələrində qışın ortasında çiçək açan çoxlu hər növ bitki, xüsusilə şaxtalar zamanı çoxlu qızılgül və başqa güllər görmüşdür, bunlarım açması üçün xeyli isti lazım olduğundan belə çıxır ki, bu işdə sehrikar əli var. Bununla belə o heç də təəccüb etməmişdir, çünki əcnəbi qızın özündən od çıxır, çünki axşam üstü qız onun evinin divarı boyu gəzinirkən səhərisi ləklərdə tərəvəz vaxtından əvvəl yetişirdi. Dəfələrlə elə olmuşdur ki, qızın təkcə paltarlarının təmasından meyvələr şirələnməyə başlayırdı və onlar lazım olduğundan iki dəfə tez yetişirdi. Boşboğaz sözünü bununla bitirdi ki, onun heç bir şeydən xəbəri yoxdur. Çünki o sübh tezdən işə gedir və toyuqlar tara çıxanda yatır.
Sonra günəmuzdçu Boşboğazın arvadı istintaq edildi və and içdikdən sonra bu iş barəsində ona məlum olanların hamısını danışdı. O, əcnəbi qızı tərifləməyə başlayıb dedi ki, qız gəldikdən sonra əri guya onunla yaxşı rəftar edir və ətrafına məhəbbət saçan bu mehriban xanımın sayəsində hər şey günəş kimi işıq verir. Qadın bundan savayı çox çərən-pərən danışdı ki, onları da burada misal gətirmək niyyətində deyilik. Yuxarıda adı çəkilmiş naməlum afrikalı Boşboğaza və eləcə də onun arvadına göstərildi, afrikalını evin yanındakı bağda dəfələrlə gördüklərindən onu tanıdılar və onların fikrincə afrikalı cadugərin nökəridir.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68393504) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes
Примечания

1
Atamız, oğlumuz və müqəddəs ruhun naminə. Amin. (lat.)

2
İblis əleyhinə (lat.)

3
Cəlib Əhmər dövründə Avropada hər yerdə işlənən Bizans qızıl sikkəsi.
İfritə Оноре де Бальзак

Оноре де Бальзак

Тип: электронная книга

Жанр: Литература 19 века

Язык: на азербайджанском языке

Издательство: JekaPrint

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: İfritə, электронная книга автора Оноре де Бальзак на азербайджанском языке, в жанре литература 19 века

  • Добавить отзыв