Şahmat. /novella/
Ştefan Svayq
Stefan Sveyq “Şahmat” novellasında insanın dərin duyğularının ən gizlin qatlarına enməyi bacarıb. Sveyq poetikasının əsasını qəlbi oxumaq qabiliyyəti idi. Bu novella çox qısa zaman ərzində kəskin bir-birinə zidd olan iki insanın xarekterini çılpaqlığı ilə gözlər önünə sərir.
Stefan Sveyq
Şahmat
Kitab Çərkəz Qurbanlının əziz xatirəsinə ithaf olunur
Gecəyarısı Nyu-Yorkdan Buenos-Ayresə yola düşən böyük sərnişin okean gəmisində son saatın adi çaxnaşması, get-gəli hökm sürürdü. Qurudakı qonaqlar basabasda dostlarını yola salır, papaqlarını yanpörtü qoymuş buyruqçular qışqıra-qışqıra müxtəlif adlar çəkib ümumi otaqlarda vurnuxurdular, çamadanlar, güllər daşınıb gətirilirdi. Uşaqlar böyük həvəslə qaça-qaça pillələri enib-qalxırdılar, orkestr də aramla çalmağındaydı.
Bu qaynaşmadan azca aralı, gedişli-gəlişli göyərtədə dayanıb tanışlarımdan biri ilə söhbət edirdim, elə bu vaxt yanımızda fotoaparatın işığı iki-üç dəfə yanıb gözlərimizi qamaşdırdı: görünür, sərnişinlərdən kimsə yola düşməzdən qabaq müsahibə verir və onun şəklini çəkirdilər. Dostum o tərəfə baxıb gülümsədi.
– Nadir tapıntılardan biri sizin gəmidə gedir Çentoviç.
Üz-gözümü qırışdırıb, bu sözlərdən heç nə başa düşmədiyimi gördükdə əlavə etdi: – Mirko Çentoviç – şahmat üzrə dünya çempionu. Şərqdən-qərbə bütün Amerikada turnir oyunları ilə ad çıxarıb, indi də yeni qələbələr ardınca Argentinaya gedir.
Bu gənc dünya çempionunu, hətta onun sürətli karyerası ilə bağlı bəzi xırdalıqları, doğrudan da, xatırladım; mənə nisbətən daha diqqətli qəzet oxucusu olan dostum bu məlumatı bir sıra lətifələrlə tamamladı. Çentoviç, təqribən, bir il qabaq bir göz qırpımında özünü şahmat sənətinin Alyoxin, Kapablanka, Tartakover, Lasker, Boqolyubov kimi adlı-sanlı ustaları ilə yanaşı qoymuşdu. Yeddiyaşlı vunderkind Reçevskinin 1922-ci ildə Nyu-Yorkda keçirilən şahmat turnirindəki çıxışından bu yana tamam naməlum bir adamın belə adlı-sanlı aləmə gəlişi bu cür ümumi maraq doğurmamışdı. Çünki Çentoviçin intellektual səviyyəsi belə gözqamaşdırıcı karyeranı əvvəlcədən söyləməyə heç cür əsas vermirdi. Tezliklə aləmə bəlli olmuşdu ki, bu şahmat ustası ömrü boyu istədiyi dildə bircə cümləni də səhvsiz yaza bilmirmiş, ondan zəhləsi gedən peşədaşlarından birinin açıq lağa qoyduğu kimi, “onun savadsızlığı bütün sahələrdə eyni universallığa malik” idi. Atası çox kasıb cənub slavyanlarından biriydi və Dunayda gəmiçilik edirdi, taxıldaşıyan buxar gəmisi gecənin birində onun xırdaca barjını altına alıb xıncımlayandan sonra gözdən-könüldən uzaq bir kəndin keşişinin oniki yaşlı oğlana rəhmi gəlmiş və onu öz himayəsinə götürmüşdü, canlara dəyən həmin keşiş bütün gücünü sərf edib bu yayğınsifət, tənbəl, küt uşağın kənd məktəbində öyrənib çatdıra bilmədiklərini evdə ona başa salmağa çalışmışdı.
Lakin bütün cidd cəhdlər nəticəsiz qalırdı. Mirko yüz dəfə izah olunan yazı işarələrinə gözünü bərəldib yad bir şeyə baxan kimi baxırdı; ən adi tədris materialı da onun ləng işləyən kəlləsinə girmək istəmirdi. Hesab dərsi gələndə bu ondörd yaşlı uşaq barmaqlarını işə salırdı, qəzet, kitab oxumaq isə onun üçün bir cəhənnəm əzabı idi. Bununla belə, Mirkoya nə höcət demək olardı, nə də ki tərs. Ona tapşırılan işi can-başla yerinə yetirərdi: su daşıyar, odun doğrayar, çöl işlərinə kömək edər, mətbəxi yığışdırardı, ləngliklə işləsə də, başını aşağı salıb, tələb olunan hər şeyi yerinə yetirərdi. Bu əziz keşişi ən çox təbdən çıxaran şey həmin inadçı adamın ümumi biganəliyi idi. Xüsusi tapşırıq olmadan heç nə eləməzdi, heç vaxt sual verməzdi, başqa oğlanlarla oynamazdı, yuxarıdan aydın göstəriş olmasa, heç özünə məşğuliyyət də axtarmazdı, ev işlərini yerinə yetirən kimi gözlərini döyüb otaqda oturar, sakit dayanmış halda, boş-boşuna yan-yörəsinə baxardı, elə bil, otlaqdakı qoyun idi, ətrafında baş verənlərə qəti maraq göstərməzdi. Keşiş axşamlar uzun kəndli çubuğunu sümürə-sümürə jandarm vaxtmistri ilə özünün növbəti üç şahmat partiyasını oynayanda bu sarışın oğlan onların yanında çömbəlib ağır kirpiklərini yuxarı qaldırar, mürgülü gözləri ilə biganə-biganə damalı taxtaya tamaşa edərdi.
Qış axşamlarının birində, hər iki qərib üz-üzə oturub gündəlik partiyalarına aludə olanda, kənd yolundan gələn kirşənin zınqırov səsləri sürətlə yaxınlaşmaqdaydı. Qardan papağının rəngi görünməyən kəndli tələsik özünü içəri təpib bildirdi ki, arvadı ölüm ayağındadır, qoy keşiş bacardıqca tələssin, yoxsa qadının son nəfəsinə yetişə bilməz. Keşiş tərəddüd etmədən onunla çıxdı. Hələ pivəsini içib qurtarmamış jandarm vaxtmistri gethagetdə özünə bir çubuq da yandırdı. Ağır, uzunboğaz çəkmələrini geyməyə hazırlaşırdı ki, birdən Mirkonun baxışlarının şahmat taxtasına sancıldığını gördü.
– Hə, davam etdirmək istəyirsən?– kinayəli dilləndi. Tam əmin idi ki, bu mürgülü oğlanın taxtanın üstündəki bircə daşın da gedişindən xəbəri yoxdur. Oğlan ürkək-ürkək baxdı, sonra başı ilə razılığını bildirib keşişin yerinə əyləşdi. On dörd gedişdən sonra vaxtmistr tarmar oldu, etiraf etdi ki, onu nəzərdən qaçırdığı, diqqətsiz bir gediş uduzdurdu. İkinci oyun da eyni nəticə ilə qurtardı.
– Valaam eşşəyi! geriyə qayıtmış keşiş heyrətlə qışqırdı, Bibliyadan o qədər də xəbəri olmayan jandarm vaxtmistrinə izah etməyə başladı ki, iki min il qabaq belə bir möcüzə baş verib: lal bir canlı qəflətən dil açıb alim olub.
Gecədən keçməyinə baxmayaraq, keşiş özünü saxlaya bilmədi, kəmsavad köməkçisi ilə yarışa qoşuldu. Mirko onu da asanlıqla uddu. Dönmədən, ağır-ağır, inamla oynayırdı, yayğın sifətini, bircə dəfə də olsun, taxtadan qaldırmırdı. Yenilməz bir inamla oynayırdı. Sonrakı günlər nə jandarm vaxtmistri, nə də ki, keşiş bircə oyunu belə uda bilmədilər. Öz yetirməsinin adi kütlüyünə hamıdan çox bələd olan keşişi ciddi bir maraq götürmüşdü ki, bu birtərəfli qəribə istedad çətin sınağa duruş gətirə bilərmi? Mirkonu adam içinə çıxarmaq üçün onun pırpızlı, küləş kimi sapsarı saçlarını kənd dəlləyinə düzəltdirəndən sonra keşiş oğlanı kirşəyə mindirib qonşuluqdakı balaca şəhərə yollandı, buradakı baş meydanda bir qəhvəxana vardı, azartlı şahmatçılar da orada bir küncə çəkilib oynayırdılar. Özü onlarla heç cür bacara bilmirdi. Əynində qoyun dərisindən köhnə kürk, ayaqlarında uzunboğaz çəkmə olan onbeşyaşlı sarısaç, alyanaq oğlanı keşiş sürüyə-sürüyə qəhvəxanaya salanda, oğlan da ürkək baxışlarını yerə dikib yalqız-yalqız küncə qısılanda yayxanıb oturmuş adamların sifətində, azca da olsa, heyrət işartısı görünmədi, xeyli keçəndən sonra isə onu yanlarına çağırdılar. Mirko birinci oyunu uduzdu, çünki indiyə qədər öz keşişinin oyununda Siciliya açılışını görməmişdi. İkinci oyunu ən yaxşı şahmatçıyla heç-heçə qurtardı, üçüncüdən, dördüncüdən sonra hamını sıradan çıxardı.
Cənub slavyanlarının xırdaca əyalət şəhərlərinin birində heç də hər gün səs-küyə səbəb olan hadisələr baş vermir, ona görə də kəndçi çempionun birinci çıxışı buraya toplaşan ad-san sahibləri üçün o saatca sensasiyaya çevrildi. Yekdilliklə qərara alındı ki, bu möcüzəli oğlan sabaha kimi mütləq şəhərdə qalsın, şahmat klubunun digər üzvlərini də bir yerə yığsınlar, ilk növbədə də, şahmat dəlisi qocaman qraf Zimçiçi öz sarayında razı salsınlar. Tamam yeni bir vüqarla öz yetirməsinə baxan, lakin bu tapıntıdan irəli gələn sevinci vəzifə borcuna, hər bazar keçirdiyi Allah ibadətinə qurban vermək istəməyən keşiş bildirdi ki, növbəti sınaq üçün Mirkonu qoyub gedə bilər. Çentoviçi şahmat klubunun hesabına mehmanxanaya yerləşdirdilər və o, sulu ayaqyolunun nə olduğunu ilk dəfə həmin axşam gördü. Səhərisi günün ikinci yarısı şahmat odası ağzınacan dolmuşdu. Yerindən qımıldanmadan dörd saat taxta arxasında oturan Mirko bircə kəlmə kəsmədən, başını qaldırıb kimsəyə bircə dəfə baxmadan oyunçuları bir-bir udub sıradan çıxarırdı. Axırda təklif olundu ki, “birçağlı” oyun keçirsinlər. Bu kəmsavadı birtəhər başa salana kimi birçağlı oyunda o, təkbaşına müxtəlif oyunçularla mübarizə aparmalı olacaq, aradan xeyli vaxt keçdi. Lakin Mirko qaydanı başa düşəcək işə girişdi, ağır, cırıltılı çəkmələri ilə tənbəl-tənbəl bir masadan o birisinə keçirdi və axırda səkkiz oyundan yeddisini uddu.
Böyük məşvərət başlandı. Bu yeni çempionun sözün ciddi mənasında şəhərlə heç bir bağlılığı olmasa da, yerliçilik hissi, milli qürur əməlli-başlı alovlanmışdı. Varlığı indiyə kimi dünya xəritəsində o qədər də ciddi qəbul olunmayan balaca bir şəhər, nəhayət, birinci dəfə özünə şan-şöhrət gətirəcək, dünyaya məşhur bir adam bəxş edəcəkdi. Ayrı vaxtlar qarnizonun kabaresi üçün şansone və qadın müğənniləri arasında vasitəçilik edən Koller adlı bir məmur bildirdi ki, birilliyinə əlavə xərc qoyulsa, bu cavan oğlana Vyanada onun tanıdığı əla ustalardan birinin yanında şahmat sənətinin sirlərini öyrətmək olar. Özünün altmış il ərzində hər gün oynadığı şahmat yaşamında bu cür qəribə rəqibə rast gəlməyən qraf Zimçiç o dəqiqə haqq-hesab elədi. Gəmiçi oğlunun heyrətli karyerası həmin günlə başladı.
Yarım ildən sonra Mirko şahmat texnikasının bütün sirlərinə bələd oldu, lakin sonralar ixtisas dairələrində tez-tez üzə çıxan və lağa səbəb olan qəribə məhdudluğunu dəf edə bilmədi, çünki Çentoviç, bircə partiyanı da olsun, əzbərdən, ya da peşəkarların dediyi kimi, “gözübağlı” oyna-mağı bacarmırdı. Şahmat xanalarını fantaziyanın sonsuz kəhkəşanında canlandırmaq bacarığı onda yoxuydu. Altmış dörd xanadan, otuz iki fiqurdan ibarət ağlı-qaralı dördkünc taxta gərək həmişə gözünün qabağında olaydı. Lap dünya şöhrətinə yetişdiyi çağlarda da həmişə özü ilə qatlaqlı cib şahmatı gəzdirərdi ki, ustad partiyalardan birini bərpa edəndə, ya da hər hansı bir məsələni həll etmək istəyəndə vəziyyəti gözü önündə canlandıra bilsin. Özlüyündə xırda sayılan bu çatışmazlıq təxəyyül gücünün kəmliyindən xəbər verirdi və görkəmli bir virtuoz, ya da dirijor bağlı partitura ilə ifa edə, yaxud ifa etdirə bilmədiyini büruzə verəndə musiqiçilər arasında gedən dedi-qodular kimi bu da dar çərçivədə canlı mübahisələrə səbəb olurdu. Lakin bu qəribə xasiyyət Mirkonun ecazkar yüksəlişinə heç də maneçilik etmirdi. Hələ on yeddi yaşını keçəndə bir qalaq şahmat mükafatı qazanmışdı, on səkkiz yaşında Macarıstan çempionu, iyirmisində isə artıq dünya çempionu olmuşdu. Napoleon pəndəm Kutuzova, Hannibal ləng Fabiyə təslim olduqları kimi, ən cəsur çempionlar da özü də hər biri intellektual bacarığına, fantaziyasına, cəsurluğuna görə ondan qat-qat üstün onun ardıcıl, soyuq məntiqinin qarşısında diz çökürdülər. Belə çıxırdı ki, öz sıralarında çeşidli ağıl dəryalarını filosofları, riyaziyyatçıları, hər şeyi düşünüb-daşınanları, ölçüb-biçənləri və daha çox yaradıcı insanları birləşdirən şahmatçıların görkəmli qalereyasına birinci dəfəydi, mənəvi aləmin tam autsayderi, ağır, qatırtək tənbəl bir kəndli balası düşmüşdü ki, ondan da çapa gedə biləcək fərli-başlı bir söz qoparmaq indiyə qədər, ən çevik jurnalistə belə müyəssər olmamışdı. Orası da var ki, Çentoviçin ictimaiyyətdən gizlətdiyi və qəzet səhifələrində gedən sığallı fikirlərini tezliklə şəxsiyyəti barədə saysız lətifələr əvəz etdi.
Çünki mütləq çempion kimi şahmat taxtasının arxasından duranda, o, məzəli, az qala, gülməli bir görkəm alırdı; dəbdəbəli qara kostyumuna, adamın gözünü qamaşdıran mirvari sancaqlı ehtişamlı qalstukuna, səliqə ilə boyanmış dırnaqlarına baxmayaraq, hərəkətlərində, davranışında yenə də keşişin evini süpürən həmin kəndli balasıydı. Kütlüyü, həm də abırsız pəndəmliyi ilə peşədaşlarının gülüşünə, hiddətinə səbəb olan hərəkətlər edirdi, hər xırda şeyə əlahiddə acgözlük göstərib öz istedadından, öz şöhrətindən pul qoparmağa çalışırdı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/stefan-cveyg/sahmat-novella-68386549/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.