Üzdəniraq ada

Üzdəniraq ada
Rövşən Yerfi
Kitaba daxil olan “Üzdəniraq ada” romanı cəzaçəkmə müəssisələrinin əsasən 1995-2000-ci illər dövründən bəhs edir. Əsər həbsxana mühitini bütün mərtəbələrində uzun illər boyu daxildən müşahidə etmiş penitensiar xidmət əməkdaşı tərəfindən qələmə alınmışdır.
Kitab görmədən bilmək istəyənlər və həyatın qədrini bilməyənlər üçün daha maraqlı olacaqdır.

Rövşən Yerfi
Üzdəniraq ada

ÜZDƏNİRAQ ADA
Ədəbiyyatımızda dedektiv janrının əsasını yaradan yazıçı Cəmşid Əmirovun oğlu ədliyyə polkovniki Çingiz Əmirovun əziz xatirəsinə…

I
O, qarşısındakı boz rəngli, böyük, qalın dəmir qapını ehtiyatla döydü. Onu yaxınlıqdakı pəncərədən görmüşdülər. Yüngül uğultu səsi gəldi, qapı açılmaq üçün çərçivəsindən boşaldı, deyəsən elektrik düy-məsi ilə idarə olunurdu. Açılan yolun sağ tərəfində dəmir barmaqlıq-larla ayırılmış arakəsmədə əli silahlı bir neçə əsgər dayanmışdı.
O, salamlaşdıqdan sonra köynəyinin döş cibində səliqə ilə saxladığı vərəqi barmaqlıqların arasından yaxındakı əsgərə uzadıb özünü təqdim etdi:
– Şəfi Osmanlı… məni baş idarədən göndəriblər, rəisi görmə-liyəm.
Əsgərlər onu maraqla başdan-ayağa süzdülər. Narahatlıqla kağızı bir-birlərinə ötürdülər. Nəhayət ki, bir qədər ucaboylusu dil-ləndi:
– Aha.., işləməyə göndəriblər, belə de da. Rəis çöldədi, – kağızı ona qaytardı, – çıx çöldə gözlə, gələndə göstərərik görüşərsən.
Müəssisənin ətrafı çox da böyük olmayan meşəlik idi. Bura gələn yolun sol tərəfində ayrı-ayrı üç balaca birmərtəbəli otaqlar tikilmişdi. Otaqlarda hərbi formalı adamlarla yanaşı mülki işçilər də çox idi.
Boz rəngli, iri, açılarkən relsin üzəri ilə hərəkət edən qapının zəhmindən adama elə gəlirdi ki, bu qapıya heç tank da təsir edə bilməz. Darvazanın hər iki tərəfində və oradan meşənin içərisinə doğru uzanan, hündürlüyü beş metrdən az olmayan, üstü dəmir torlar, tikanlı məftil-lərlə örtülü hasarların başında müəyyən qayda ilə düzülmüş, vışka deyilən qaravulxanalar, onlarda isə əli avtomatlı əsgərlər gözə dəyirdi.
Hündür, qalın divarlar, göz işlədikcə uzanan tikanlı məftillər, əjdaha ağzına bənzər qapı, vışkada dayanmış əsgərlərin narahat baxış-ları, divarın o tayındakı xoşagəlməz həyatdan, yeknəsək, üzücü dünya-dan xəbər verirdi.
Şəfi gəlib-gedənə mane olmamaq üçün yoldan kənara çəkilib, otaqlardan birinin qarşısında dayandı. Elə təzəcə dayanmışdı ki, içəridən bir qadın onu səslədi:
– Ay oğlan, bura gəl, səninləyəm.
Şəfi səs gələn tərəfə getdi. Köhnə, rəngi solmuş, neçə-neçə insanlar yola salmış şkafların arasında, darısqallıqdan ayaq atmağa yer olmayan otaqda, ortayaşlı bir qadın oturmuşdu.
– Kimi axtarırsan?
– Salam əleykim, rəisi görməliyəm.
– Əleyküm. Xeyirdirmi?
– Xeyir deyəndə ki, işləməyə gəlmişəm.
– Nadzor?
– Xeyr, ofiser.
– Əmrini almısan? Baxım.
Şəfi bayaqdan ehtiyatla, əzilməmək üçün əlində saxladığı kağızı qadına verdi.
– Dəstə rəisi… aydındır. Mənim adım Elmiradı, müəssisənin otdelkadrıyam. Əliməmməd müəllimi tanıyırsan? Rəisi deyirəm ey, gələndə mən sənə göstərərəm görüşərsən. O, üstünü yazandan sonra kağızı mənə verərsən, məndə qalacaq.
Qadın maraqlı nəzərlərlə gələcək dəstə rəisinə baxdı və soruşdu:
– Bura gəlməmişdən əvvəl hansısa zonda işləmisən?
– Yox. İşləməyə burada başlayacagam.
– Eybi yox, öyrənərsən. Təzə-təzə çətin olur, sonra alışacaqsan. Bu rəis gələndən nə qədər işçi getdi buradan. Köhnələr gedir, yerinə təzələr gəlir. Yazıqları qınamalı deyil axı, kim isti yerdən qaçar? Heç pişik də qaçmaz.
Bu arada pəncərədən dəbdə olan son markalı, qara rəngli xidməti avtomobilin gəlişi göründü.
– Rəis gəldi, bax o, bizim Əliməmməd müəllimdir, – Elmira qabaqda rəislərə məxsus tərzdə oturmuş kişini göstərdi.
Əliməmməd hündür, həm də kök, dazbaş, hər tərəfinə nəzarət edə biləcək cəld, iri gözləri olan ciddi görkəmli kişi idi. O, mavi, qısaqol köynək geyinmişdi. Ağır-ağır, tələsmədən maşından düşdü. Rəis maşından bir neçə addım aralanmışdı ki, göz qırpımında ətraf otaqlardan çoxlu hərbi geyimli adamlar peyda oldu və ona təzim edə-rək başına yığıldılar. Əliməmməd onlarla görüşüb, dinlədikdən sonra hərəyə bir göstəriş verdi. Yığışanlar hərəsi bir tərəfə yollandı.
Adamlar dağılışanda Şəfi ona yaxınlaşdı:
– Əliməmməd müəllim, sizi bir dəqiqəliyə narahat etmək olar?
O, bütün iri gövdəsi ilə Şəfiyə tərəf döndü. Şəfi onun az qala adamı dəlib keçən baxışlarını, üzünə zəhm verən sifət cizgilərini ya-xından gördükdə, filmlərdə tamaşa etdiyi həbsxana rəislərinin sifəti gözləri önündə canlandı. Artıq bu filmdəki deyil, əsl həbsxana rəisiydi, durmuşdu önündə.
– Əliməmməd müəllim, – əlindəki kağızı ona uzatdı, – məni sizin müəssisəyə işləməyə göndəriblər.
Rəis kağızı diqqətlə oxudu, sonra Şəfinin daxilinə baxırmış kimi gözlərinin dərinliklərinə qədər baxdı.
– Bu kağızı ver otdelkadra, özünə buraxılış vəsiqəsi yazdır, səhər saat doqquzda işdə ol, sabahdan işdəsən. Hərbi geyimin əynində olsun!
– Aydındır, oldu, – Şəfi cavab verdi.
Əliməmməd kağızı ona qaytarıb, cəld addımlarla bayaq Şəfi-nin çölə qaytarıldığı qapıya – müəssisənin nəzarət-buraxılış məntəqə-sinə daxil oldu. Onu görən bütün hərbi forma geyinmiş insanlar farağat vəziyyətini alıb əsgəri qayda ilə salam verirdilər.
***
Birinci iş günü olduğu üçün səhər Şəfi işə yarım saat tez gəldi. Elektriklə açılıb-örtülən üç zəhmli dəmir qapını keçdikdən sonra uzunsov ikimərtəbəli binanın çox da böyük olmayan həyətinə daxil oldu. Həyətdə böyük tut ağacları ilə yanaşı səliqə ilə əkilmiş gül-çiçəklər, bəzək kolları, tənəklərdən sallanmış üzüm meynələri göz oxşayırdı. Həyətin yuxarı tərəfində binanın ikinci mərtəbəsinə qalxan taxta pilləkən səmtdə, ətrafında uzun oturacaqlar, içərisində müxtəlif ölçüdə qırmızı, xırda balıqlar üzən dairəvi hovuz vardı.
Hovuzun ətrafındakı oturacaqlarda ondan artıq leytenantdan başlamış polkovnik-leytenantadək müxtəlif rütbəli zabitlər əyləşib, bir-birinə aman vermədən söhbət edirdilər. Şəfi onlara yaxınlaşıb salamlaşmaq məqsədi ilə:
– Sabahınız xeyir! – söylədi.
Hamı söhbətinə ara verib sözarası onun salamanı alaraq, göz-ucu süzüb, söhbətlərinə davam etdilər. Onlardan bir qədər cavanı, gözü eynəkli oğlan yanında əyləşmək üçün Şəfini dəvət etdi:
– Gəl otur, kənarda dayanma, təzə gəlmisən?
– Yox, oturmuram, sağ olun! Hə, təzə gəlmişəm.
– Dəstə rəisisən?
– Bəli.
Dəqiqələr ötdükcə həyətə daxil olan zabitlərin sayı artırdı. Onların hər biri yaxınlaşan kimi, hamı ilə, o cümlədən Şəfi ilə əl verib görüşürdü.
Saat doqquza bir-neçə dəqiqə qalmış ikinci mərtəbədən kimsə göstəriş verdi:
– Qalxın, iclasa gəlin.
Bu göstərişdən sonra oturanlar da söhbətlərini kəsib, birlikdə pilləkənlərlə yuxarı qalxdılar.
Yuxarıda dar, uzun dəhlizin ortasında, sağ tərəfdə “Rəisin qəbul otağı” sözləri yazılmışdı. Paltar asılqanından başqa bir şey olmayan qəbul otağından yol rəisin otağına gedirdi.
Qapı açıq idi. Geniş, işıqlı zala bənzəyən kabinetin qapı ilə üzbəüz yuxarı başında Əliməmməd oturmuşdu. O, bu gün işə hamı-dan tez gəlmişdi. Onun stoluna perpendikulyar qoyulmuş stolun sağında və solunda üzbəüz daha iki nəfər zabit əyləşmişdi. “Gərək ki, onlar müavinlərdir”, – Şəfi yəqin etdi. Kabinetə daxil olan hər bir zabit içəri girən kimi rəis tərəfə, “Sabahınız xeyir”, deyərək salamlaşıb, divar boyunca sağ və sol tərəfə otaq uzunu düzülmüş stullardan münasib olanına əyləşirdi. Eyni qayda ilə Şəfi də içəri daxil olub pəncərələr tərəfdəki cərgənin sonuna yaxın stullardan birinə əyləşdi. Zabitlər yerini tutduqdan sonra, rəis amiranə bir səslə soruşdu:
– Çöldə qalan olmadı?
Hamı narahatlıqla qapıya tərəf baxdı.
Sonuncu daxil olan zabit:
– Xeyr, – söyləyərək arxasınca otağın qapısını örtüb yerində əyləşdi. Rəis hamıya nəzər gəzdirib sözünə davam etdi:
– Növbətçi, məruzə eylə görüm, gecə növbəsində xidməti necə yerinə yetirmisiniz?
Qolundakı qırmızı sarğının üzərində MRNK yazılmış zabit ayağa durdu:
– Rəis, növbə zamanı hadisə baş verməyib. Xidmət lazımi qaydada təşkil olunub. Salamatlıqdır.
– Axşamkı hadisədən danış, nə baş verib, necə olub ki, o oğraşı sənin nəzarətçilərin kor olub görməyib. Mən bilmirəm siz bura xidmətə gəlirsiniz, ya yatmağa?
– Cənab polkovnik, məhkum adboydan əvvəl gizlənibmiş, biz aşkarladıq tapdıq…
– Hamısını bilirəm, özünə əziyyət vermə. Əziyyəti axşam çəkəydin, hadisənin qabağını alaydın. Birdən o anasını gördüyümü vurub öldürəydilər, kim cavab verəcəkdi prokurorun qabağında? Rasim, – o, müavinlərindən birinə, gözləri ilə adamı yeyən mayor müraciət etdi, – burdan çıxan kimi axşam növbədə olanları yığırsan otağına, araşdırırsan, mənə məruzə edirsən, hərəni öz günahına görə cəzalandıracağam. Bəsdi! İşləyə bilən işləsin, bilməyən getsin bacar-dığı işin dalınca. Heç kimin evinə dəvətnamə göndərilməyib ki, sən Allah gəl islah-əmək müəssisəsində işlə. Xərc qoyub özünüz gəlmi-siniz, zəhmət çəkin işləyin.
Bu vaxt qapı ehtiyatla döyüldü. Rəis sözünə ara verib, “Gəl”, – söylədi. Ucaboylu baş leytenant yolda baş verən hadisə ilə əlaqədar gecikdiyinə görə üzrxahlıq etmək istəyirdi ki, rəis daha da qəzəbləndi:
– Bura bax, avtobus belə gəldi, yol belə getdi, bunların mənə dəxli yoxdur. Zəhmət çək, evindən tez çıx. Saatdan xəbərin var? Bir başını qaldır saata bax.
Girəcəkdə qapının üstündəki saatda ona on dəqiqə işləmişdi.
– On dəqiqədir hardasan? Mənim iclasıma gecikən adam kabinetimə girməsin, getsin çölə işinin dalınca. Ümumiyyətlə, tapşı-racağam ki, qapıdakı əsgər bir dəqiqə gecikən adamı içəri buraxma-sın. Rasim, – yenidən müavinə müraciət etdi, – izahatın alarsan.
Rəis nəzərlərini dolandırıb Şəfinin üstündə dayandırdı:
– Onu da bildirim ki, hörmətli nazirimizin əmri ilə kollektivi-mizə bu gündən gənc zabit göndərilib – Şəfi Osmanlı.
Şəfi adını eşitcək ayağa durub farağat vəziyyətini aldı. Kabi-netdəki bütün gözlər ona dikildi.
– Əyləş, – rəis sözünə davam etdi, – dəstə rəisi vəzifəsində çalışacaq. İlk gündən pisikdirməyin, nə çətinliyi olsa kömək edin. Zampalit, – deyə, o biri müavininə müraciət etdi, – bu leytenantı sənə tapşırıram. Hələlik bir neçə gün işləyib, müəssisə ilə tanış olsun. Sonra dəstə verərik işləyər. Bu qədər. Hərə öz işinə. Kimisə başqası-nın otağında laqqırtı vuran görməyim. Görsəm özündən küssün, mən-dən yox.
– Axşam növbəsində olanlar, bir də əməliyyatçılar, mənim otağıma yığılın, – rəisin əməliyyat üzrə müavini mayor Rasim elan etdi.
– Dəstə rəisləri də mənim otağıma getsinlər. Mən də indi gəli-rəm, – o biri müavin də dilləndi.
Zabitlər bir-birinin ardınca rəisin kabinetini tərk edib dəhlizə çıxdılar.
***
Şəfi dəhlizdə dayanıb Əliməmməd müəllimin “zampalit” de-diyi müavinini gözləyirdi. Otaqda müavinlərdən savayı kimsə qalma-mışdı.
Az keçmədi zampalit də otaqdan çıxdı.
– Siz burada niyə dayanmısınız? – O, Şəfiyə müraciət etdi.
– Cənab mayor, mən sizin otağınızı tanımıram.
– Onda gəl mənimlə gedək. Əvvəlcə tanış olaq. Sizin adınız Şəfi oldu, eləmi?
– Bəli, elədir.
– Mənim adım Bəhramdır. Bəhram müəllim. Otağım yaşayış zonasındadır.
“Zampalit” zabitlərin arasında ən ucaboylusu idi. Enli kürəkləri, geniş alnı, köklükdən əsər-əlaməti olmayan əsl hərbçi bədəni var idi. Bəhram müəllim böyük addımlarla yaşayış zonasına yönəldi. Baxanda uzağı qırx yaş vermək olardı. Baxışlarında ciddilik olsa da, səsinin tonundan, danışıq tərzindən bir az mülayim xasiyyətli olması sezilirdi. Tərbiyə işləri üzrə müavin elə mülayim, insaflı olmalıdır, – Şəfi düşündü.
Onlar pilləkənlə ikinci mərtəbədən həyətə enib sol tərəfə – yaşayış zonasına tərəf addımladılar. Sexlərin arasından keçdikdən sonra daha bir qapıdan, – “vaxta” deyilən yerdən keçdilər. Yol boyu rastlaşan zabit və nəzarətçilər Bəhram müəllimi görcək salam verir, təzim edir, onunla yanaşı gələn Şəfiyə də göz qoyurdular.
“Vaxta”dan çıxıb hər tərəfi müxtəlif formalı iki, üç mərtəbəli binalarla əhatə olunmuş, içərisi qarışqa kimi qaynaşan məhkumla dolu geniş həyətə daxil oldular. Əyinlərində qaramtıl paltar, başları qırxıq, boş-boşuna həyətdə günün altında fırlanmaqdan yanıb qaral-mış bu əcaib məxluqlar görünüşcə qarışqaya daha çox oxşayırdılar. Hər tərəfdən yüzlərlə göz ona tərəf baxıb heç də xoş olmayan işıq-larla parlayırdı. Şəfiyə elə gəldi ki, ona yalquzaq kimi baxırlar. O, bu təsirdən daxilində nəfəsinin daraldığını hiss etdi, amma, tövrünü pozmadı, “zampalit” sayaq sifətinə ciddi ifadə verdi, gözünü qırp-madan onların baxışına əks cavab verərək özünü tox tutdu.
Şəfi Bəhram müəllimlə həyətin mərkəzi hissəsindəki ikimər-təbəli binanın ikinci mərtəbəsinə qalxan dəmir pilləkənlərlə balkona çıxdılar.
Balkonun yuxarı başındakı qapının ağzına ona yaxın zabit yığışmışdı. Onlara yaxınlaşan kimi Bəhram müəllim “Bir daha saba-hınız xeyir”, – deyə salamlaşdı.
– Hamı gəlib? – Təmkinlə yığışanlara nəzər saldı.
– Hamı buradadır, cənab mayor, – ortaboylu kapitan cavab verdi.
Bəhram müəllim otağı açıb öz yerində əyləşdikdən sonra bal-kondakıları da içəri dəvət etdi:
– Gəlin, əyləşin, bir-iki məsələ var, götür-qoy edək.
Bu otaq rəisin kabinetindən çox-çox balaca, yaraşıqsız və kasıbyana idi. Burada deyəsən hərənin öz yeri vardı. Hamı əyləşdi. Şəfi divar boyu düzülmüş boş stullardan birində əyləşdi.
İçərilərindəki qısaboy, dolubədənli, yaşlı, başda oturan mayor Şəfiyə tərəf səsləndi:
– Yaxın otur, ilk gündən özünü kollektivdən ayırma.
Şəfi razılıqla gülümsünüb stulunu yaxına gətirdi.
– Bir nəfər gözümə dəymir, – hamıya nəzər yetirəndən sonra Bəhram müəllim soruşdu:
– Qulu hanı?
– Gecə növbədə olub, – eynəkli kapitan cavab verdi.
Rəis müavini əsəbləşdi:
– Neçə dəfə demək olar ki, hamı iclasda iştirak etməlidir. Beş dəqiqə evə gec getsələr elə bil körpəsi əmziksiz qalacaq. Yaxşı. Ke-çən dəfə sizə verdiyim tapşırıqlar nə yerdədir? Cəbrayıl, sən dəstənə kaptorqşik tapa bildin?
– Xeyr, – qırx-qırxbeş yaşlarında, saçlarına dən düşmüş kapi-tan ayağa durdu.
– Durma, əyləş. Niyə?
– Bəhram müəllim, işləmək istəyən çoxdu, yaxınlaşan yoxdu…
– Axtar, yaxınlaşanı tap. Axtaran tapar. Məsələni uzatma. Sənədləriniz nə formadadır? Dəftərlərdə qeydlər aparırsız, protokollar yazılır? Divar qəzetlərini necə, təzələmisiniz? Bax, sizə yenə deyirəm, baş idarədən gəlib yoxlayanda kimin sənədində çatışmazlıq olsa özü “cavab verəcək”, mən kiməsə görə ziyana düşən deyiləm. Bu belə. Keçək başqa məsələyə. Qabaqdan yaz gəlir. İndidən barakların təmirinə hazırlaşın, məhkumlarla söhbət aparın. Sonra rəis sizi qısnayanda vurnuxa-vurnuxa qalacaqsınız. İndi buradan çıxan kimi hərə gedir öz dəstəsinə. Baraklarda bütün səliqə-sahmana, yataqların düzlənməsinə, çarpayıların altına, tumbalara, dəhlizə, ayaqyoluna, pilləkənlərə nəzarət edin. Yarım saatdan sonra rəislə bütün barakları “obxoda” çıxacağıq. Bunu ona görə deyirəm ki, sonra əlli bəhanə tapmayasınız. Bayaq rəis təqdim etdi, mən də edim, bu cavan oğlan, leytenant Şəfi Osmanlı, – Şəfi ayağa durdu, – əyləş, bu gündən həm-karımızdır. Nə çətinliyi olsa, kömək etmək, öyrətmək hamımızın borcudur. Cəbrayıl, təcrübəli işçi kimi Şəfini sənə həvalə edirəm. Hələlik səninlə aylansın, beş-on günə ona dəstə verəcəyik.
– Baş üstə, cənab mayor! – Cəbrayıl cavab verdi.
Bəhram müəllim bir daha Şəfiyə müraciətlə:
– Nə çətinliyin olsa, utanmaq, çəkinmək lazım deyil, mənə də deyə bilərsən. Gedə bilərsiz. Gedin “obxoda” hazır olun.
Zabitlər kabinetdən çıxıb həyətə düşdülər.
– Bəlkə bir siqaret çəkək, sonra dağılışarıq, – kimsə dilləndi.
– Sonra gec olar, – digəri etiraz etdi, – “obxod”u yola verək, siqareti həmişə çəkmək olar.
Hərə bir səmtə ayrıldı.
– Sən əvvəllər zonda işləmisən? – Cəbrayıl soruşdu.
– Xeyr. Nəzəri məlumatım var, amma əyani tanışlığım yox-dur, – Şəfi cavab verdi.
– Eybi yox, elə bu gün səni ən vacib məsələrlə yaxından tanış edərəm, gedək.
Həyətin yuxarı başında üçmərtəbəli, təzə ağardılmış yataq-xananın iki giriş qapısı var idi. Onlar sol girişdən pilləkənlərlə ikinci mərtəbəyə qalxdılar.
İkinci mərtəbənin qapısı ilə üzbəüz, üstündə “Dəstə rəisi” yazılmış otağın qabağında dayandılar. Cəbrayıl qapını aça-aça, üzünü dəhlizə tərəf tutub qışqırdı:
– Əhməd, Əhməd, – dəhlizdən keçən məhkumu səslədi, – Səftər, Əhmədə deynən tez bura gəlsin.
Qapını açıb otağa daxil oldular. Bir-birinin qənşərinə qoyul-muş iki stol, üç stul və adi yatacağı olan çarpayıdan savayı otaqda heç nə gözə çarpmırdı.
– Hə, qardaş, əyləş ürəyin istəyən yerdə. Özünü sıxma, öz otağında olan kimi hiss et. Xoşuna gəlsə, bir az xərci var, – gülüm-sədi, – bağışlayaram sənə, bütün mərtəbəsi ilə. Onsuz da canımı boğazıma yığıb, bezmişəm daha.
Onlar əyləşdilər.
– Neçə ildir işləyirsən? – Şəfi soruşdu.
– On iki. Siqaret çəkirsən?
– Xeyir, çəkmirəm.
– Düz edirsən, – siqaretini alışdırdı, – mən də sən yaşda olanda çəkmirdim. Sonra adamı gic eləyən vəziyyətlərə dözümlü olmaq üçün dözə bilmədim, çəkdim.
Qapı döyüldü.
– Gəl.
Orta yaşlı bir kişi qapını açdı.
– Sabahın xeyir, rəis. Necəsiz?
– Sağ ol, Əhməd.
– Mən lazımam?
– Əhməd, hamıya xəbər eylə, səliqə sahmana fikir versinlər, rəis “obxoda” çıxacaq. İndi özüm də gəlirəm. Çayın varsa, bizə bir stə-kan çay ver.
– Termosu göndərərəm. Başqa qulluğunuz?
– Sağ ol. Sən canın “üzdəniraqları” gözdən qoyma, üstlərində ol, tualetədək hər yeri parıldatsınlar.
– Yaxşı, rəis, – Əhməd qapını örtüb getdi.
– Üzdəniraqlar rejimi pozanlardır? – Şəfi maraqlandı.
– Xeyr, cəmiyyətin pozulmuş adamlarıdı. Onlar daxili, mənəvi, əxlaqi deformasiyaya uğradıqlarından, cismani deformasiya-ya da məruz qalıblar. Yəni “mavi”lərdir və ya belə də demək olar, rəis demişkən “müəssisənin qızları”. Yaxşı yadıma düşdü, deyim, sonra gec olar. Tanımadığın məhkumla əl verib görüşmə. Bu işçilər arasında yaramazlar var, səni məsxərəyə qoymaq üçün bir üzdənirağı gön-dərərlər, gəlib sənlə əl verib görüşər. Nəbadə belə şeyə yol verə-sən. Sonra, bu zonda işləyə bilməyəcəksən. Yadda saxla, üzdəniraqla əl ilə görüşmək olmaz.
Qapı sakitcə aralandı. Arıq, uzun, üzündən uşaqlıq cizgiləri getməyən məhkum bir əlində termos, digərində iki stəkan-nəlbəki içəri daxil oldu. Çay süzdü, sonra:
– Cəbrayıl müəllim, başqa qulluğunuz olsa çağırın, – deyib otaqdan çıxdı.
– Bəs bu kimdir? – Şəfi soruşdu.
– Bu “şusturyakdı”. Bayaqkı məhkumun – Əhmədin şusturya-kıdır. Sən otur, çayını iç, mən bir fırlanım, “obxod” edim, bunlara çox arxayın olmaq olmaz, gedim özüm yoxlayım.
Cəbrayıl dəhlizə çıxdı. Şəfi təklikdə otağa daha diqqətlə nəzər yetirdi. Stolun küncündə xeyli kitab-dəftər üst-üstə qalaqlanmışdı. Divar qəzeti ötən bayramdan qalan idi. Çarpayının üstünə sərilmiş adyalın rəngi bozarmışdı. Otaq adama cansıxıcı gəlirdi. İstər-istəməz azad dünyadan kənar olduğun duyulurdu.
Şəfi darıxan kimi oldu, ayağa durub pəncərənin önünə gəldi. Xeyli uzaqdan yanbayan düzülən doqquz mərtəbəli evlər görünürdü. Bir qədər aralıda isə meşənin kənarındakı şossedə sürətlə maşınlar şütüyürdü. Elə bil yaşadığın dünyaya kənardan, başqa dünyadan baxır-dın.
Pəncərənin altından, binadan iyirmi metr aralı nəzarət iz zolağı keçirdi. Əvvəlcə cırğa boyu adam hündürlüyündə tikanlı məftil uzanırdı. Məftildən sonra üç metrdən çox enlikdə toz kimi narın şumlanmış torpaq sahəsi gəlirdi. Sahənin ətrafı boyu dörd metrədık hündürlükdə, üstü tikanlı məftillərlə örtülü, qalın daşdan hörülmüş divar müəssisəni azadlıqdan ayırırdı. Bu divardan beş-on metr aralı daha hündür taxta hasar qurulmuşdu. Hasarların arası ilə çiyinləri avtomatlı əsgərlər gəzişirdi. Əslində bu hasarlar azad dünya ilə məhbəs həyatının arasında sərhəd idi, dövlət sərhəddindən də ayıq-sayıq qorunan sərhəd.
Dəhlizdən Cəbrayılın acıqlı səsi gəlirdi: “Adama nə qədər deyərlər, nə qədər başa salmaq olar, gərək bir biz alıb bir-bir bizləyə-sən ki, hərəkətə gələlər. Tualetə heç kimi qoyma, getsinlər həyətə, cəld olun, gəlib məni danlasalar, sonra mən bilirəm sizinlə necə rəf-tar edəcəyəm.”
Cəbrayıl qanıqara otağa qayıdanda Şəfi soruşdu:
– Nə olub, nədən əsəbiləşmisən?
– Qardaş, bizim günümüz belədi. Səhərdən başlayır haray-qışqırıq, qanqaraçılıq, axşamadək. Bunlarla başqa cür mümkün deyil. Biri anlayır, üçü özünü qoyur anlamazlığa, gərək gedib eşşəyi biz-ləyən kimi bizləyəsən ki, bulaşdırıb üstündə oturmasınlar. Yoxsa rəis gəlib səni danlayacaq ki, niyə səliqə-sahman yoxdur. Nə qədər qış-qırmaq, əsəbiləşmək olar, inan Allaha, axır vaxtlar ürəyimdə san-cılar olduğunu hiss edirəm. Belə getsə pensiya-filan gözləməyə-cəyəm, atıb işi gedəcəyəm. Bir parça çörəyi harda olsa Allahım yeti-rəcək, guya ki, burada qazancım başdan aşır. Əksinə, ömrüm puç olub gedir yaramazlar arasında.
– Cəbrayıl, – Şəfi onun sözünü kəsdi, – düzünü desəm mən bura qazanc dalınca gəlməmişəm, belə məsləhət bildilər ki, bu sahədə gözübağlı qalmamaq üçün, gərək müəyyən müddət kalonda çalışasan. Amma bayırda, adamlarda belə təəssürat var ki, burda işlə-yənlər pul içində üzürlər.
– Ölmüşdü Əliməmməd, qoysun özündən savayı kimsə qa-zansın. Bax mənim dəstəmdə kaptorqşik deyilən yer var. Məhkumların əşyaları, evdən göndərilən ərzaq burada saxlanılır. Əvvəl ora baxan evə buraxılıb, neçə vaxtdır yer boşdur. Müvəqqəti Əhmədə tapşırmışam, o baxır. Özün gördün, hər iclasda Bəhram müəllim məndən soruşur ki, adam tapmısan? Rəis də deyir işləmirsiz. Adamı haradan tapım? Elə qiymətə yaxın duran tapa bilirlər tapsınlar, onsuz da ordan mənə çatacaq bir şey yoxdur. Nə deyim özün işlədikcə hər şeyi öyrənəcəksən, görə-cəksən.
Otağa iki leytenant daxil oldu:
– Rəis, necədi işlər?
– Sağ olun, – Cəbrayıl eyni ahənglə cavab verdi, sonra Şəfiyə, – tanış ol, bu yoldaşlar bizim mərtəbənin operləridir, yəni əməliyyat işinə nəzarət edirlər.
Ucaboy leytenant – Fazil, ondan az gödək isə – Gəray, – deyə-rək özlərini təqdim etdilər.
– Əyləşin, çay için, – Cəbrayıl sözünə davam etdi.
– Yox, içmirik.
– Salamatlıqdımı? Sözünüz, qulluğunuz var? Lazımdırsa bara-kı aylanaq?
– Aylanmışıq, – Fazil cavab verdi, – yaxşıdır, səliqə-sahman qaydasındadır. Axşam baş verən “çepe” ilə bağlı Ağarəhimi axtar-dım, harasa çıxıb, onu mənim yanıma göndərərsən.
– Oldu. Obxoddan sonra göndərərəm. Arxayın ol.
Əməliyyatçılar gəldikləri qaydada bir an içində otaqdan çıx-dılar. Cəbrayıl səsini kimsə eşitdəcəkmiş kimi, az qala pıçıltı ilə Şəfiyə dedi:
– Bunlardan özünü qoru, ehtiyatlı ol ha… Mən baxıram, sən yaxşı oğlansan, xətrini istəyib deyirəm. Birdən gedib özlərinə deyər-sən.
– Nə danışırsan, Cəbrayıl, sən məni nə hesab edirsən? – Şəfi incidi.
– Sənə qəribə gəlməsin. Burda adətdir, çoxu görüşəndə ağız-ağıza öpüşür, arxada isə bir-birlərinin ağzını söyürlər. Ən qorxuluları isə operlərdir. Hamısını demirəm, aralarında yaxşıları olsa da, işləri-nin xətrinə hər yola əl atanlar da var. Məhkumdan sözləri qurtaranda, başlayırlar zabitlərdən çuğulluq etməyə.
Əhməd qapıda görsəndi:
– Rəis, Əliməmməd müəllim aşağı mərtəbələrdədir, indi bura qalxacaqlar.
– Belə et, sən olan-qalanı çıxart həyətə, barakda heç kim qalmasın, biz də gəlirik.
Cəbrayıl yerində otura bilmədi:
– Şəfi, furajkanı götür, çıxaq Əliməmmədin qabağına, xoşuna gəlir onu qarşılayanda.
Onlar dəhlizə çıxıb baraklara yollandılar. Barak səliqəsiz əsgər kazarmasına oxşayırdı. Böyük zalın sağ və sol tərəflərində iki cərgə iki-mərtəbəli çarpayılar düzülmüşdü. Çarpayıların baş tərəfində, aralarda tumbalar və müxtəlif cür düzəldilmiş alçaq stollar gözə dəyirdi. Barakda bir neçə məhkum vurnuxurdu. Cəbrayıl onları görüb açıqlandı:
– Ay balam, neçə kərəm deyərlər, yerini qaydaya salmısan, çıx get də həyətə, nə qurtdalanırsan, özünçün “priklyuçeniye” axta-rırsan, gəlib bir “zameçaniye” tapıb bassınlar karsa səni. Yeri get, obxod qurtarandan sonra gəlib işini görərsən.
Barakdan qayıdıb pilləkənlərə tərəfə gəldilər ki, rəisin gəlib-gəlmədiyini öyrənsinlər. Elə bu an rəis, iki müavini, əməliyyat rejim şöbəsinin iki əməkdaşı, rəisin növbə köməkçisi, həkim və daha bir neçə nəzarətçi mərtəbənin girəcəyinə varid oldular. Cəbrayıl və Şəfi farağat vəziyyətini alıb, hərbi təzim etdilər.
– Cəbrayıl, – rəisin gur səsi dəhlizə yayıldı, – ə, bu camaat sən-dən şikayət edir ki, qışqırığından barakda otura bilmirik. Qışqırmaq-la iş düzəlsəydi nə dərdimiz. Bir aydır zampalitlə baş sındırırsız, bir kaptorqşik tapa bilmirsiz. Belə qalsa özüm məşğul olacağam. Sonra orda-burda ağzıvızı Allah yolunda qoyub deyib gəzirsiz ki, Əliməm-məd adam dolandırmır.
Rəisin əhval-ruhiyyəsi yaxşı idi, o danışdıqca ətrafındakılar, xoşbəxtcəsinə gülümsəyirdilər. Onun sözləri canlarına yağ kimi yayı-lırdı. Rəis barakın yarısından geriyə döndü.
– Təzə leytenanta nə lazımdı başa sal, kömək eylə. Bax, pəncərənin üstündə tavanda hörümçək torunu görürsən? Təmizləmə-yiblər, fikir ver! Hər yerə, hər şeyə gərək fikir verəsən. Yaxşı, həkim, qeydlərini götür gedək.
Gələnləri yola saldıqdan sonra Cəbrayıl otağında canı yükdən azad olub dincəlirmiş kimi çarpayıya uzandı:
– Hə qardaş, bu günlük bunları belə yola verdik, sonrasına da Allah kömək olsun, baş-beynimizə yazığı gəlsin…
***
Cəbrayılın otağının qapısı karvansara qapısına dönmüşdü. Tez-tez məhkumlar, bəzən də işçilər otağa get-gəl edir, Cəbrayıla səhərdən qabağına qoyduğu yazını tamamlamağa imkan vermirdilər. Bir çox məhkumlar qapıdan içəri boylanıb Şəfini görcək söz demə-dən kənarlaşırdılar. Cəbrayıl da Şəfidən çəkindiklərinə görə bəziləri-nin ardınca dəhlizə çıxır, bəzilərinə içə heç əhəmiyyət belə vermirdi. Bütün bunları seyr edən Şəfi narahatlıqla Cəbrayıla dedi:
– Müvəqqəti də olsa, görürəm sənin işinə mane oluram. Lazım gələndə mənə işarə et, çölə çıxım.
– Heç bir maneçiliyin yoxdu. Əksinə tək olanda baş-beynimi lap çox aparırlar. O ki, qaldı mənə lazım olanları, onları əldən burax-mıram, qardaşın elə oğlan deyil. Gəlib baxıb gedənlərin bəziləri isə bizə nəzarət edənlərdir.
– Başa düşmədim, – Şəfi təəccübləndi, – məhkum bizə nəzarət edə bilər?
– Bəli. Onlar təkcə öz məhkum yoldaşlarından deyil, bizim bütün işlərimizdən, otaqda yatmağımızdan, ən adi görünən xırda məsələlərədək rəisə və əməliyyat şöbəsinə çatdırırlar. Bir şeyi daim yadından çıxartma ki, az qala bütün iş günü “efirdəsən”, sənə hər tərəf-dən göz qoyurlar və Əliməmməd kabinetində oturub “ekranda” sənə baxır. O “stukaç”ların demək olar ki, çoxusunu tanıyıram. İşləyə-işləyə sən də tanıyacaqsan.
– Mən belə baxıram, burada işləmək təhlükəsizlik xidmətində işləməkdən çətindir.
– Bəs nə bilmişdin?
Cəbrayıl qəhqəhə ilə güldü:
– Gör sənə necə böyük etimad göstərib belə şərəfli yerə işləməyə göndəriblər, – sağ əlini Şəfinin kürəyinə vurdu. – Yeri gəlmişkən, xərci bir otaqlı mənzilin qiymətinə yaxın olan işinin qədrini bil…
Şəfi onun nəyə eyham vurduğunu başa düşdü:
–Bilmirəm inanacaqsan, yoxsa inanmayacaqsan, mənim bu işə düzəlməyib üçün xərcim olmayıb.
– Onda belə çıxır ki, güclü “dayın” var. Düzdümü? – Şəfi susdu. – Burada hamının “dayısı” var. Fərqi yalnız böyük və ya balaca olmalarındadır…
***
Cəbrayıl əlinin yazısını saxlayıb təşvişlə Şəfidən soruşdu:
– Saat neçədir?
– Bir tamam.
– Dur, dur, tez elə, tez elə, gecikdik, – hövlank yerindən durub, furajkasını aradı.
– Hara?
– Obedə, nahara gecikdik, yeməkxanaya getmək lazımdı. Get-məyəndə, ya da gecikəndə rəisə çatdırırlar. O da iclasda adamın başını xarab edir.
Onlar tələm-tələsik əvvəl otaqdan, sonra binadan həyətin o biri başındakı yeməkxanaya tərəf addımladılar.
Yeməkxananın qapısı təzəcə açılmışdı. İçəri doluşmuş məh-kumlar geniş bir pəncərənin qarşısında sıra ilə növbəyə düzülmüşdü-lər. Rəisin növbətçi köməkçisi və bir neçə əməliyyatçı xörək və çörək paylayanlara nəzarət edir, göstərişlər verirdilər. Qapının yaxın-lığında dəstə rəisləri yığışıb nəyi isə müzakirə edir, o baş bu başa var-gəl edirdilər. Dəstə rəislərindən ikisi yox idi, haradasa ləngiyir-dilər. Həmişə onlara söz atıb məzələnən rejim Nurəddin adətinə xilaf çıxmadı:
– Bir vəzifədən ki, səkkiz dənə ola, o vəzifənin adını çəkməyə dəyməz, işləmək bir yana qalsın…
Dəstə rəislərindən yaşlısı onu cavabsız buraxmadı:
– Ə, sən, get kəkil ölçməyinlə məşğul ol.
Zalda üç cərgə dar uzun stullar və stol boyunca sağ və solda oturacaqlar düzülmüşdü. Bir stolun ətrafına on nəfər yerləşirdi.
Balandanın ağır iyi yeməkxanaya dolmuşdu. Alüminiumdan düzəlmiş ağ boşqab-miskiləri, tomatlı suda üzən bir neçə kartof və kələm parçasından ibarət xörəklə doldurub, oturacaqlarda əyləşən məhkumlar tələsmədən nahar edirdilər. Düzünə qalsaydı belə xörəklə doymaq mümkün deyildi. Odur ki, onlardan beş-on nəfəri çəkinmə-dən ikinci və hətta üçüncü dəfə növbəyə durub balanda alırdılar.
Az keçməmiş rəisin müavinləri də yeməkxanaya gəldilər. Onların gəldiyini görən çöldə dayanan zabitlər də içəri daxil olub zal boyunca nizamla düzüldülər.
Balandanın iyindən içəridə çox dayana bilməyən müavinlər yeməkxananın hər tərəfinə göz gəzdirib çölə çıxdılar.
Cəbrayıl qapının qarşısında əlində balanda ilə dolu miski tutan məhkumun qarşısını kəsmişdi:
– Qaytar, qaytar geriyə. Baraka yemək aparmaq olmaz, rəis tapşırıb.
– Cəbrayıl müəllim, kəndçimçin aparıram, xəstədir, gələ bilmir.
– Xəstədir, getsin sançasta. Ya da get növbətçidən icazə al, sonra apar. Sən bilirsən ki, yeməkxanadan yemək daşımağa ancaq üzdəniraqlara icazə verilib. Sən, üzdəniraq deyilsən?
– Cəbrayıl müəllim, bu nə sözdür, – məhkum incidi, – nə olar qoymayın, Allah canınıza dəyməsin, – miskini stollardan birinin üstü-nə qoyub, burnunda mızıldanıb çölə çıxdı.
Cəbrayıl zala daxil olandan hər şeyə nəzər yetirən Şəfiyə məsləhət verdi:
– Bax, belələrini görəndə, sən də qarşısını al. Səni daha da tez tanıyarlar.
– Bəlkə, doğrudan xəstə olanı var?
– Xəstələri biz tanıyırıq, kim xəstədir. Bu xörək daşıyanların çoxu şusturyaklık edir. Başdanxarabın birisi oturur barakda, belələri-ni göndərir ki, get mənimçün balanda gətir.
– Yeməyə hamı gəlmir?
– Xeyir. Əvvəllər on faizi gələrdi, indi çöldə yaşayış çətin-ləşdiyi üçün yarıya qədəri gəlir.
Bayaqdan bütün zal boyu var-gəl edən dəstə rəisi mayor Nuru müəllim onların bərabərinə çatanda Şəfiyə dedi:
– Məsəl var, atı atın yanına bağlarsan həmrəng olmasa da, həmxasiyyət olar. İndi nəbadə bunun xasiyyətlərini öyrənəsən, – Cəb-rayılı göstərirdi, – işini öyrən, amma xasiyyətini yox.
– Xasiyyətim nə qədər təhlükəli olsa da, ayağı sürüşkənlikdə sizə çatmaram.
– Gördün? – Nuru Şəfiyə sual etdi, – bu hələ mədəni forması-dır.
– “Körpə” hardadır, gözə görünmür, – Cəbrayıl maraqlandı.
– Sən bilərsən. Gül kimi uşağı korladın, vələdüzna etdin. İndi nə bilim, kim qucağına alıb?
– Indi şəbədə edirsən, vaxt gələcək rəis olacaq, yalmanacaq-san. Niyə də olmasın? Yuxarıda adamı da var, yetərincə pulu da var, nə olsun ki, özəl universitet bitirib…
– “Körpə” kimdi? – Şəfi soruşdu.
– “Körpə” səhər iclasda gördüyün uzun, arıq leytenant var idi ha, – Cəbrayıl eyni zamanda onun yerişini yamsıladı, – Rahib, hə onun aya-masıdı. Bir ildir işləyir. Təzə gələndə ona da mən hamilik etdim, fırıl-dağın biridir, “körpə” olmasına baxmayaraq. Hə, qardaş burda hamının ayaması var. Darıxma, bir-iki günə sənə də ayama tapacaqlar, – ətrafdakı rəislərə işarə edib sadaladı, – alkaş, qaqaş, bozdar, masya, zır-zır. Nuru da ki, xəbərin olsun, obşakdır. Bizim obşakımız. Amma, ağlına başqa qafiyəli söz gəlməsin ha…
Nuru tez cibindən iri bir təsbeh çıxarıb onun kürəyinə zərblə çırpdı:
– Ay səni, “çort”…
***
Saat ikidə məhkumların naharı bitdi. Axıra qalmış son beş-on nəfər də nəzarətçilərin hay-küyü ilə çölə çıxarıldı və yeməkxananın qapısı bağlandı. Zabitlər hərə öz otağına çəkildi. Şəfi də Cəbrayılla otağa qayıtdı. Yerində rahatlanıb oturandan sonra əlini mədəsinin üs-tünə aparıb Cəbrayıldan soruşdu:
– İşçilər burada naharı necə edirlər?
– Baxır da, kimə necə sərf edir, – Cəbrayıl hazırlıq görərək, qarşısına düzülmüş kitab-dəftəri bir qırağa yığaraq stolun üstünü sah-manladı, – çöldə, qapıdan əlli metr aralıda yeməkxana var, imkanlı oğlanlar naharı orada yeyirlər.
– Xərci nə qədərdir?
– Ay ərzində eləyir təqribən maaşın otuz faizi.
– Çox deyil?!
– Az da deyil. Bu belə. Adam var yeməyini əlində evdən gəti-rir. Ya imkanı azdı, ya mədəsi xəstədir. Bəzisi də dustaqdan nəsə alıb yeməyi ayıb sayır. Ancaq, məncə bu ağılsızlıqdır. Uçastkovu öz sahə-sindən dolanır, yol polisi sürücüdən alır. Mən də dustaqla işləyirəm, dustaqdan da dolanmalıyam. Dustaq da bizim kimi insandır, nə olsun məhkum olunub. Əhmədə tapşırmışam, hər gün görüşə gələn ərzaqdan mənə nahar hazırlasın. Niyə də yeməyim? Düz demirəm? Görən Əhməd bu gün nə hazırlayıb?
Cəbrayıl qapıya tərəf getmək istəyirdi ki, Əhmədin köməkçisi əlində ağzıbağlı tava otağa daxil oldu
– Bəh, bəh, bəh… Nədi ə, bişirdiyiniz?
– Rəis, kartof qızartmasıdır, – məhkum cavab verdi.
– Əla, əla, belə yeməyi heç şah da yemir. Şəfi, yaxın otur, başla, yoxsa mədəmizdə şirə qalmayacaq.
***
Cəbrayıl naharını qurtardıqdan sonra, əvvəl çarpayıya uzanıb dincəlmək istədi, lakin qolundakı saatına baxıb qərarını dəyişdi:
– Gün yarını keçdi, bir iş görmədim, gedim fırlanım görək nə var, nə yox.
O, otaqdan çıxdı, üç dəqiqə keçmədi, bir məhkumu qabağına qatıb geri qayıtdı:
– Əlivi çıxar cibindən, özün də düz dayan, – yerində əyləşdi, qələmini götürüb stolun üstündəki kağıza qeyd etməyə başladı.
– Adın, soyadın, maddən? Yaxşı, adam üçün neçə dəfə keçər-lər? Deyilib ki, barakda siqaret çəkmək olmaz. Şəxsən rəis göstəriş verib.
– Cəbrayıl müəllim, vallah, barakda çəkmirdim, elə yandırıb çölə çıxmaq istəyirdim ki, gəlib tutdunuz, – məhkum yalvarışlı səslə Cəbrayılın sözünü kəsdi, – keçin taxsırımdan.
– Xeyr, keçməz. Çox keçmişəm, axırıncı iki xəbərdarlığımı tarixi ilə bax bura da qeyd etmişəm, – qarşısındakı dəftərlərdən birini vərəqləyib göstərdi, – məhkumla tərbiyəvi mövzuda söhbət apardım, görürsən, xeyri nə oldu? Sən necə vardın elə qalmaqda davam edirsən. Odur ki, səndən bu dəfə rəisin adına raport yazıb cəzalandırılmağını xahiş edəcəyəm. Axırıncı dəfə şizoda nə vaxt olmusan?
– Bir il qabaq.
– Deynə darıxmışam da, elə sənə lazımmış havavı dəyişəsən.
– Cəbrayıl müəllim, mən şizodan qorxan oğul deyiləm. Şizonu biz dustaqlar üçün tikiblər də… Amma, baxır nədən ötrü, bir siqaretə görə orda yatmağa dəymir. Düz deyirsiz, mənə çox hörmət etmisiniz, qabağınızda xəcalətliyəm. Vallah, srağagünkü görüşə yez-nəm gəlmişdi, əliboş, heçnəsiz… Üzüqara qaldım hamının qabağında, elə sizin də. İçəri manat keçirənə, yalan danışana Allah lənət eylə-sin…
– Dayan, saxla, üyüdüb tökürsən. Sən nə danışırsan? Səndən pul istəyən oldu? Səndən qoyulan qayda-qanuna əməl etmək tələb olunur, başqa şey yox.
– Cəbrayıl müəllim, bu dəfə də keçin günahımdan. Mən rəisin qabağına getməyim. Yaxınlarda məmə gələcək, anamı deyirəm, adınıza layiq xəcalətinizdən çıxaram.
– İş ki, qaldı məmə gələnə, ölən günü sal yada. Ə, yeri ə, mənə nağıl danışma. Get, əynini qaydaya sal, hazırlaş, indi yorğunam, idarəyə getməyə həvəsim yoxdur, axşam yoxlamasında səni aparacağam yuxarı.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/rovs-n-yerfi/uzd-niraq-ada-68386513/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
  • Добавить отзыв
Üzdəniraq ada Rövşən Yerfi

Rövşən Yerfi

Тип: электронная книга

Жанр: Современная зарубежная литература

Язык: на азербайджанском языке

Издательство: JekaPrint

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Üzdəniraq ada, электронная книга автора Rövşən Yerfi на азербайджанском языке, в жанре современная зарубежная литература