Qıpçaq çölünün yovşanı

Qıpçaq çölünün yovşanı
Murad Adcı
Kitabda türk-qıpçaq Attilanın Altaydan Avropaya apardığı mədə-niyyətin təşəkkülündən danışılır. Burada uzunluğu 8 aylıq at yolu olan əzəmətli Dəşti-Qıpçaq dövlətinin gizli saxlanan tarixinin səhifələri mühüm yer tutur. Avropa və rus tarixçilərinin bu tarixin üstünə çəkdikləri qara örtük açılır, saxtakarlıq damğaları pozulur. Qıpçaqların dini, adət-ənənələri aşkarlanır, obyektiv tarixi siması göstərilir.

Murad Adcı
Qıpçaq çölünün yovşanı


Yovşan ətri ilə kim məst olmayıbsa, bu ətirdən qanı coşmayıbsa, qoy o bu kitabı oxumasın.
Və kim zil qara atın üstündə şahə qalxmağın gözəlliyini duymursa, çöl nəğməsindən könlünə fərəh gəlmirsə, o da bu kitabı kənara qoysun, o da müəllifi anlamayacaq.
Keçmişi və gələcəyi ilə maraqlanmayanlar, əcdadlarına və gələcək nəsillərə laqeyd olanlar! Lütfən siz də bu kitabı əlinizə götürməyin. Bu sizin üçün deyil.
    Murad Adcı



Moskalçı tarixlər[1 - Fəslin adı “Москальские истории”dir. V.Dalın lüğətində “москаль” sözü belə şərh olunur: Москвич (moskvalı), русский (rus). Deməli, “moskvaçılıq”, “rusçuluq” məzmununu bildirir. Deməli, Rusiya ərazisindəki qədim xalqların tarixi rolu, rus mədəniyyətinin yaranmasındakı iştirakı rədd edilibmiş. V. Dalın lüğətində moskalla bağlı belə kəlamlar var: “Кто идет? Чорт. Ладно, абы, не москаль” (Kim gəlir? Şeytan. Təki moskal olmasın); “с москалом дружись, а каменьза позухой держи”. (Bizdəki qarşılığı: İtlə dostluq elə, ağacını əlindən qoyma); “Знает москаль дорогу, а спрашивает” (Moskal yolu bilir, yenə soruşur – kütlük bildirir). XIX əsrdə yazıya alınmış bu kəlamlar, deməli, xalqda çoxdan olub. Bu, əvvələn, rus millətinin mənşəyində müxtəlif etnosların durduğunu, ikincisi, Moskvanın dövlət siyasətinin qərəzliyindən geniş xalq kütləsinin narazı qaldığını göstərir.]
Yox, Rusiya haqqında söhbəti coğrafiyasından, xalqından, az qala qurunun (Yerin) səkkizdə birini tutan torpağından, Qərbdə və Şərqdə yerləşən bir ölkədən, çoxlu Avropa və Asiya dillərində danışan (və ya danışmayan) ölkədən başlamayacağıq. Bunlar XIX əsrdə də, ondan qabaq da məlum idi.
Görünür, xalqların çoxluğu, torpağın genişliyi, uydurmaların bolluğu Şərqi Avropada bügünkü rusiyalıların müəyyən olunmasında bəzi mənasız söhbətlərə gətirmişdir. Ruslar kimdir onlar? Rusiya haradır bura?
Gülünc vəziyyətdir: Sibirdə irqi açıqca seçilən minlərlə monqoloidlər yaşayırlar; bunların sifətində slavyanlığın heç izi də, kölgəsi də yoxdur. Ancaq özlərinə rus deyirlər, yalnız rusca danışırlar və rus adları daşıyırlar. Nə vaxt və necə bu aşkar asiyalılar slavyan oldular?
Heç Rusiyanın tarixinə təəccüblənməyinə dəyməz bu, başdan-başa tapmacadır. Belə ki, ilk siyahıya almaya görə 1917-ci ilə qədər Rusiyada 196 xalq yaşayırdı, sovet hakimiyyətindən sonra yüzə qədəri qalıb. Qalanlarını komissarlar sadəcə olaraq siyahıdan siliblər, rusların və ya başqa xalqların üstünə yazıblar; o zamanlar hakimiyyətin göstərişi ilə insanın milliyyətinə onun əmlakına baxılan kimi baxıblar.
Sovet rejimində adını itirən birinci xalq kazaklardır. Bu qıpçaq nəsli olan əhalini kazaklıqdan çıxarıb rus yazdılar, onlar sovet dövrünün ilk “yeni rusları” oldular.
Rusiyada, axı hara Rusdur (orta əsrlərdə Rusiyaya Rus deyilirdi T.H.) və hara Rus deyil? Sərhədi kim cızmalıdır?

“Rus” nə deməkdir?
Bu barədə artıqlaması ilə söz deyilib. Mahiyyətcə çox sadə olan bu suala müxtəlif nəsillərdən şairlər, yazıçılar, filosoflar bir-birindən “gözəl” cavablar vermək üçün çox yarışıblar. Elmə əsaslanmayan, yalnız emosiyadan doğulmuş nə qədər cavab olar?
Rusiyada təsdiqini tapmış rəsmi baxış belədir: “Şərqi slavyan şüuru ilə özünü dərk etmiş qədim rusların etnik birliyi, erkən feodal çağlarda qədim rus Kiyev dövlətinin (IX-XII əsrlərin Kiyev Rusu) bütövlüyü dövründə formalaşdırılıb.
Bəs Kiyev Rusuna qədər nə olub? Bu, boş yerdə yaranmayıb ki! IX əsrdə Dnepr sahilinə gələn bu insanlar kimlər idi? Haradan gəlmişdilər? Niyə məhz IX əsrdə ora gedib çıxdılar? Kiyev dövləti o qədərmi bütöv və güclü idi ki, üç əsrdən də az müddətdə onda yeni xalq formalaşsın? Belə olduqda aydın olmur ki, indi Kiyevin yerli-köklü əhalisi niyə rus yox, ukraynalı adlanır? Axı, guya Rus (dövlət nəzərdə tutulur T.H.) elə məhz Kiyevdir. Nəhayət, bəs niyə ukraynalıların və rusların mədəniyyətləri bir-birindən son dərəcə fərqlidir? Əgər bir kökdəndirsə, axı onlar eyni olmalıdır. Yoxsa yox?
Kiyev Rusunun yaranmasına qədər Misirdə, Qədim Yunanıstanda, Qədim Romada sivilizasiyalar çiçəklənmiş və solmuşdu hələ Qədim Şərqi demirəm. Kiyev Rusuna qədər bəs indiki Rusiyanın ərazisində nə olmuşdu? Doğrudan da, səhra ki deyildi?
Təəssüf ki, Rusda bu suallardan süqutla yan keçilmək adətdir. Yaxud cavab əvəzinə yeni suallar və anlaşılmazlıqlar doğuran fərziyyələr söylənilir.
Ancaq o uzaq zamanın sənədləri saxlanmışdır. Bütün dünya bilir bunu. Heç bir sirr yoxdur. Sirr ancaq rusların özü və Rusiyada yaşayan bütün başqa xalqlar üçündür. Bu məlumatları sadəcə onlardan gizlədirlər və ya başqa cür, istədikləri kimi şərh edirlər. Niyə hər şey öz adı ilə deyilməsin? Kimə alatoranlıq işıqdan daha üstündür? Ancaq soxulcanlara!
Məsələn, alman tarixçisi L. Müllerin əsərlərində RUS xalqının adı ilk çəkilən erkən sənədlər təhlil olunur bu adam qədim Şərqi Avropa üzrə etiraf olunmuş avtoritetdir.
“Bertin salnamələri”, “Rus salnaməsi”, Konstantin Baqryanorodnının “İmperiyanın idarə olunması haqqında” traktatı və s. mənbələr, hər yerdə eyni şey deyir: ruslar adı ilə skandinaviyalıları varyaqları tanıyıblar.
Belə çıxır ki, Rusiyanın irəlidə gətirilmiiş sitatın götürüldüyü “Dünya xalqları” adlı ensiklopedik məlumat kitabı, yumşaq desək, dəqiq deyil. Əsl ruslar haqqında susub onun adını özünə götürmüş rus xalqından danışmaq kobud səhvdir. Bəli, IX-XII əsrlərdə Kiyev Rusunu həqiqətən ruslar qurublar. Ümumi məlum şeyi gizlətmək nəyə lazımdır? Niyə slavyanları Rusun (Kiyev Rus dövlətinin T.H.) “qurucusu” eləyirlər?
“Bertin annaları"nda (salnaməsində T.H.) məlumat verilir ki, ruslar 839-cu ildə Bizans səfirliyi ilə birgə Mömin Lüdovikin (Lüdovik Blaqoçestivıй) yanına gəlirlər. Bu ilk, ən qədim yazılı məlumatdır ki, orada “ruslar” adında xalqdan danışılır.
Onlar milli mənsubiyyətləri haqqında suala cavab verirlər ki, isveçdirlər. Və buradaca müəllif aydınlaşdırır ki, “biz onlara normanlar deyərik”. Belə çıxır ki, ilk ruslar slavyan deyillər. Hələ bu azdır, onlar özlərinin “slavyan” olmalarından tam xəbərsizdirlər. Onların kökü tamam başqadır.
Təkcə yunanlar yox, eyni zamanda romalılar, ərəblər, qıpçaqlar, farslar bütün dünya IX-XII əsrlərdə “rus” sözünü eyni mənada başa düşürdülər. Bu sözlə Rusiyada “varyaqlar” adı ilə məlum olan xalqı tanıyırdılar.
O vaxtın bütün tarixi sənədlərində belə yazılıb, bu barədə mübahisə açmaq cəfəngiyyat olardı.
Şimali Avropada norman epoxası olub. I minilliyin axırlarında onlar yalnız Kiyev Rusunun əsasını qoymayıblar. Məsələn, 1066-cı ildə varyaqlar İngiltərəni işğal etdilər və hakim nəslə çevrildilər. Ancaq başqa ənənələrlə tərbiyələnmiş ingilislər bu barədə susmağı və ya onu inkar etməyi lazım bilmirlər. Həmin tarixi fakt bugünkü ingilislərin heysiyyətini alçatmır. Bəs onda avstraliyalılar nə etsinlər onların dövlətini sürgün edilmiş gəlmələr yaradıblar. Bəs pirat nəslinin törəmələri maltalılar?
Ruslar (isveç mənşəli əhali varyaqlar nəzərdə tutulur T.H.) güclü xalq idi, onlarla hamı hesablaşırdı. Onlar özlərinə hörmət etdirməyi yaxşı bacardılar. Bəs niyə rusiyalılar onları qəbul etmirlər? Niyə özlərinə xüsusi tarix uydururlar?
Maraqlıdır: bəs varyaqlar özləri Kiyev Rusunu Dnepr üstündə öz yeni dövlətini siftə necə adlandırıblar?
Onu Rus adlandıra bilməzdilər, çünki qədimdən skandinaviyalılar bu sözlə öz həmtayfalarını adlandırıblar Şimali İsveçdən olan, Stokholmdan şimalda yerləşən sahilboyu sakinlərə belə deyiblər, onları elə bu gün də elə adlandırırlar. Onlar çox cəsur adamlar idilər, şücaətlərinin həddi yox idi: mahir dənizçi, igid döyüşçü idilər, bütün Şimali Avropanı nəzarət altında saxlayırdılar. Suda və quruda tayları-bərabərləri yox idi.
“Rus” sözünün özü qədim varyaqcada (qədim island dialektində) “avarçılar”, "dənizçilər" mənasında olub. Skandinaviyalılar dünyaya məhz dənizçi, “dəniz cəngavərləri” kimi tanınıblar. Çaylar onlar üçün magistral yollar sayılıb, dənizsahili sıldırım qayalıqları yumşaq yuvaları biliblər. Qədim saqaları (skandinav folkloru janrı T.H. bunu gözəl təsdiqləyir onların qədim həyatı qədim lövhələrdə öz tarixiliyini saxlayır.
Bu barədə, əgər hələ varsa, son şübhələri finlər və estonlar dağıdırlarisveçlilərin bu qədim qonşuları öz qədim adətləri ilə bu gün də İsveçi “Roussiya adlandırırdılar (“Rusiya” sözü ilə müqayisə edin T.H.). Eyni zamanda öz cənub qonşularına bu yaxınlara qədər xəritədə “SSRİ" adlanan ölkəyə “Veniya" deyiblər. Bu, “venedlər” sözündəndir və "slavyanlar” deməkdir.
Həm də “venedlər” sözünü təkcə finlər və estonlar işlətmirlər. Bu, alman dilində də “slavyan” mənasında saxlanmışdır. Həmin sözü italyanlar da işlədirlər, “Ruslar” və “slavyanlar” həqiqətən başqa-başqa sözlərdir, etnoqrafik baxımdan bunların heç biri əlaqəsi yoxdur.
İlk dəfə bir Avropa xalqı kimi slavyanlar haqqında məlumatı dünya Roma yazıçısı və alimi Böyük Plininin (Plini Starşi y.e. 24-79) əsərlərindən öyrəndi. O, “Təbii tarix” adlı çoxcildli traktat yazmışdı. Bu, qədim dünyanın ensiklopediyası idi. Sonrakı alimlər nəsli məhz bu əsərin zəminində yetişiblər. Plininin məlumatına görə, qədim slavyanlar özlərinə venedlər deyirmişlər.
Başqa Roma tarixçisi Tatsit (y.e. 58-117) venedlər haqqındakı həmin məlumatı təsdiqləmiş və tamamlamışdır aydın olur ki, bu xalq Avropanın şimalında, Visla ilə Oder çayları arasında məskundur. Slavyanların, daha dəqiqi, venedlərin tarixi dünya elmində həmin dövrdən və həmin məlumatlarla qeydə alınır.
Varyaqlar haqqında, onların siması və davranışı haqqında dünya bir qədər sonra məlumat aldı. Yepiskop Georgi Amastridli öz rəvayətlərində rusların Amastrid şəhərinə (Qara dənizin cənub sahillərində yerləşir) amansız hücumundan danışır, qiymətli, müqəddəs xristian əşyalarını talan etmələrini söyləyir. Bu hadisə 860-cı ilə aiddir.
Ruslar IX əsrdə Bizansı narahat edirdilər. Onların Konstantinopolda, onun sarayları, dini ibadətgahları ilə ilk tanışlığı izsiz-əlamətsiz keçməyib: qədim zəngin şəhərlər haqqında söhbətlər saqalarda (xalq yaradıcılığında) əks olunmuşdur. Buna gerə də 860-da Amastrid talanı, əlbəttə, təsadüfi deyildi. Varyaqlar 839-dan buna hazırlaşırdılar. Düzdür, bəzi rus tarixçiləri təsdiqləyirlər ki, bu talanı “slavayan-rus” deyilən adamlar ediblər, ancaq heç kəs, hətta Georgi Amastridli da bu müəmmalı “xalq” haqqında təsəvvür yaratmır.
Slavyanlar və həmin ruslar hətta qonşu yaşamayıblar, onları Baltik dənizi ayırırdı. Onlar hər cəhətdən-həyat tərzinə, xarici görünüşünə, mənəvi-əxlaqi simasına görə ayrılırdılar.
Məsələn, varyaqlar Odino deyilən dini inam sahibi idilər, slavyanların o haqda heç bir təsəvvürü yox idi. Varyaqlar dəniz ticarəti ilə, hərbi igidliklərlə dolanışıqlarını təmin edirdilər. Slavyanlar isə köçəri maldar idilər, sonralar gəzəri şəkildə əkinçiliklə də məşğul oldular. Burası da var ki, o vaxtların salnamələrində deyilir: “ruslar slav|anlarlə döyüşə gedirdilər”, “slavyanlar ruslara vergi verirdilər”.
“Slavyan-rus”dan danışmaq ona bənzər ki, tarixdə yunanla ərəbin, romalı ilə mərakeşlinin bir kökdə olmasını axtarasan.
Şərq tarixçisi İbn Rüstə qeyd edirdi ki: “Rusların əkin-biçini yox idi, slavyanların torpağından gətirdikləri ilə dolanardılar”.
Həmin illərin başqa yazıçısı Hardizi bunu təkrar edirdi: “Onlardan (ruslardan) 100-200 nəfəri slavyanların üzərinə gedir və zorla özlərinə dolanacaq götürüb gəlirdilər”.

“Slavyan rusları”nın atalarına daha nə lazımdır?
Georgi Amastridlinin dini əfsanələrində (Jitiye) L.Müller “buğdanı samandan” ayıra bilib tarixi səmərəli-rasional məzmunu aşkar edib. Bizans üzrə müasir mütəxəssislərin təxminən hamısı onunla razılaşır. Ancaq onun ifşa etdiyi, hörmətdən saldığı “slavyan rusları” nəzəriyyəsi özündən sonra təəəssüfdən başqa heç nə qoymamışdır.
Bununla belə rus tarixi haqqında daha bir mif altüst oldu “Krımın cənub sahillərinə novqorodluların (ya-ud kiyevlilərin?) yürüşü və oranın işğalı” haqqında Nestorun sözləri havaya sovruldu.
Gözlənmədən aydınlaşdı ki, bu yürüş haqqında geniş mətn Rusda təxminən XV əsrə aiddir yəni hadisədən beş əsr sonra yazılıb. Müller, təbii ki, Stefan Surojlunun Suroj üzərinə rusların yürüşündən danışan Jitiyesinə əsasən Rusiya versiyasını şübhə altına aldı-heç olmasa, bunu nəzərə alaq ki, hadisələrin iştirakçılarının xatirələri bu yazılarda əsas mənbədir.
Rus salnaməçlərinin xəbəri olmayan qədim mətn, gözlənildiyi kimi, Rusiya versiyasından əsaslı surətdə fərqlənirdi. Slavyanların Krıma Novqoroddan gəldiklərini oxuyanda Müller nahaqdan təəccüblənmədiaxı, o bilirdi ki, IX əsrdə Rusda bu adda şəhər yox idi. İsveç şəhəri Xolmqard var idi, ona çox-çox sonralar Novqorod adı verdilər.
Bəs Suroju kim tutdu? Askold? Yox, yox və yenə yox! Sərkərdənin adının nə slavyanlara, nə Novqoroda heç bir dəxli yox idi. Onun adı Bravlin idi və isveçli idi.
Ədalət naminə demək lazımdır ki, “Suroj yürüşü” Rusiya tarixçilərinin özlərində də şübhə oyadırdı. Hətta N. M. Karamzin Demidovun Xronoqrafını “Stefan Surojlunun möcüzələri” ilə müqayisə edərək təəccübünü bildirmişdi.
Daha sonrakı mətnlərdə, məsələn, Konstantinopol patriarxı Fotinin moizələrində tədqiqatçılar ruslar haqqında xeyli maraqlı məlumatlar tapıblar. Orada deyilir ki, onlar Konstantinopola şimaldan gəliblər uzaqdan, gəmilər işləyən çaylarla və dənizlərlə üzərək, yollarda “başqa xalqların diyarlarından” keçərək gəlib çıxıblar.
Bu sənədlər özlüyündə çox məzmunlu və maraqlıdır, ancaq təəssüf ki, onları Rusiyada az tanıyırlar. Bununla belə az maraqlı olmayan başqa bir şey: daha nüfuzlu bir Rusiya sənədində “İllər haqqında povest”də bunların ifadəsinə az qala hamı müraciət edir.
“İllər haqqında povest” içindəki hadisələrdən iki əsrdən də çox sonra yazılıb, burada tarixi həqiqətlərlə daban-dabana zidd məlumatlar əks olunub. Burada təkcə detallar yox, hadisələrin iştirakçıları da qarışıq sapınır. Patriarx Foti rusların hücumunu özcə gözləri ilə görüb, o, xalqı şəhəri müdafiəyə qaldırıb, şübhəsiz ki, o, bu məsələni iki yüz il sonra doğulmuş Nestordan daha yaxşı bilib. Ancaq biz isə bu məsələni daha çox Nestordan öyrənir, bilməzliyin xıltlı badəsini onun əlindən qəbul edirik.
Konstantinopol patriarxının moizələrindən iki mətn saxlanıb. Onlar bilavasitə hadisələrin gedişində səslənib: biri rusların (yəni isveçlilərin T.H.) imperiya paytaxtını mühasirə etdikləri vaxt, o biri birbaşa mühasirədən sonra. Bu iki sənədi “İllər haqqında povest”in mətni ilə tutuşduran Müller uyğunsuzluqlardan heyrətə gəlib.
Əlbəttə, burada bütün fərqli oxunuşlardan danışmaq mümkün deyil. Barışməz ziddiyyətlar tapan təcrübəli Müller qəti bir nəticəyə gəlir: “Povest"ə ümumiyyətlə inanmaq olmaz. Orada hər şey salnaməçilərin kefinə gələn uydurmalardır əfsanələr düzəltmiş və bu əfsanələri böyük Rusiyanın tarixi etmişlər.
Bela çıxır ki, slavyanlardan heç kim Çarqrad qapılarına qalxan-sipər olmayıb, bu sipər məhz varyaq döyüşçüsü olub. Bütün dünya bir yanadır, rusiyalılar bir yana bütün dünya bir şey bilir, rusiyalılar başqa şey. Ancaq Nestoru qəsdən hadisələri təhrif etməkdə günahlandırmaq bağışlanmaz səhv olardı günahkar Nestor deyil. Təhrif edən o deyil. Necə baş verib, o barədə bir az sonra.

Müqəddəs Kiril və Mefodi kimdir?
Rusiya tarixinin gerçək yazılmadığından şübhələnmək üçün ötəri nəzər kifayətdir. Slavyan şişirdici tarixçiləri müqəddəs Kiril və Mefodi qardaşları ilə bağlı Rusiya tarixinə nələr yazmayıblar: onlara abidə ucaldıblar, şərəflərinə bayram keçirirlər. Ancaq kim və harada sübut edib ki, onlar slavyandırlar?
Qardaşlar slavyan torpaqlarından uzaqlarda, Çöldə (Dəşti-Qıpçaq dövləti nəzərdə tutulurT.H.), paytaxtı Fanaqori olan Böyük Bulqar xaqanlığında doğulublar. Onlar türkcə (bəzən protobulqar da deyirdilər) danışır və türkcə yazırdılar o vaxt Çölün dili bu idi. Bunda slavyan adına nə var idi? Yeni yazını onlar öz doğma türk dili üçün düzəltmişdilər runik yazının (Orxon-Yenisey abidələrinin yazıldığı əlifba nəzərdə tutulur T.H.) əsasında və məhz onun əvəzində bu yeni türk əlifbası yarandı.
Qardaşlar çin və ya zulus dillərindən necə baş açırdılarsa, slavyancanı elə bilirdilər yəni slavyanca bilmirdilər. Müqəddəs Kiril slavyan əlifbası, necə deyərlər, kiril əlifbası kəşf etməyib, o, qlaqolik əlifba yaratmışdı.
Türklər qıpçaqlar qədimdən runik əlifbadan istifadə edirdilər. Bu qrafika o vaxt Avropada işlənən yunan və latın hərf-işarələrindən fərqlənirdi.[2 - Daha əvvəllərdə, hələ e.ə. Avropa məhz türkün runik əlifbasından istifadə edirdi. Bunu ora italyanların mədəniyyət babası sayılan etrusk türkləri aparmışdılar. Geniş məlumat üçün bax: Adile Ayda – Etrucxer (Tursakalar) Turk idiler. Ankara, 1992 – T.H.] Öz yazılarını avropalılarınkının görünüşünə oxşatmaq üçün qardaşlar öz qədim runik yazılarında şəkil dəyişikliyi etmişdilər, vəssalam.
Yunan işarələri (literləri) kor-koranə köçürülmürdü, qlaqolik yazıda türk dillərinin spesifik səsləri üçün xüsusi hərflər var idi. Buna görə də qlaqolik əlifbada qırx işarə (hərf) alınmışdı. Bilindiyi kimi, slavyan dilində bu qədər səs yoxdur.
Bu epizodu “slavyan mübaliğəçiləri” şişirdiciləri haradan almışdılar?
Heç demə, müqəddəs qardaşlar haqqında dini əfsanənin (jitiye) slavyan versiyasının mətninə səhvən və ya qəsdən bir xəta yol tapır: ilk vaxtlar ona əhəmiyyət verilmir, bir az sonra bu xəta doğmalaşır və hətta onu tarixi fakt eləyirlər. Kiril və Mefodi Jitiyesinin qədim slavyan tərcüməsində deyilirdi: “Xersonesdə Kiril rusun yanında rusca savad və dil öyrənirdi”. Hər şey bu ifadədən başlanıb.
Hələ burası bir yana ki, bu sözlər Kirilin rus olmadığını göstərir bunu hətta heç pravoslav publisistikası da inkar etmir. Yaxud nə Xersonesbazlıqdır, heç bir Xerson-filan yoxdur-onda ora Korsun adlanırdı. Ən rusvayçısı budur ki, yunanca orijinalda bu ifadə yoxdur.
Bəs məsələ necədir? Aydınlaşıb ki, orijinaldakı “sur” sözü rusca mətnin hər yerində “rus” sözü ilə əvəz olunub. Buradan da hər şey baş-ayaq olub, alt-üst olub.
Əvvələn, xatırlatdığımız alman alimi L.Müller öz işində pedantcasına qeyd edir ki, IX əsrdə ancaq varyaqları “rus" adlandırırdılar, ikincisi, “sur” sözü (“rus” məhz bu sözün təhrifidir, r və s səsləri yerini dəyişib dilçilikdə buna matateza deyirlərT.H.) “suriyalı” demək imiş. Suriya kitablarına müraciət etmək Kiril üçün də, dövrün başqa maarifçiləri üçün də təbii olardı. O vaxt heç bir rus kitabı yox idi və heç izi tozu da olmayıb. Axı rusun (bugünkü mənada “rus”dan söhbət gedir T.H.) yazısı yox idi. Belə halda kitab haradan ola bilərdi?
Slavyanlar, daha dürüstü venedlər (onlar Avropada həmişə belə adlandırılıblar), arxeoloji qazıntılara görə, yazı deyilən şey bilməyiblər. Hərçənd Tellez gölü yaxınlığında tapılmış qədim slavyan bütlərində yazılar qeydə alınıb, ancaq hansı yazılar? Runik! Türklərdə və ya qədim germanlarda olan runlara bənzəyən yazı! (Bir az aşağıda german yazılarının türk mənşəliliyi haqqında söhbət gedəcək T.H.).
“İlk slavyan əlifba müəllimləri” haqqındakı əfsanə nə Bizans mənbələri ilə, nə də başqa sənədlərlə təsdiqlənir. N. K. Karamzin bu “maarifçi” faktını Nestordan əxz edir. Bilə-bilə ki, bu belə deyil, ona qədər Rusiyada formalaşmış ənənədən kənara çıxmır. Çox təəssüf.
Əlbəttə, böyük rus tarixçisi belə fakt qarşısında qalır: guya imperator Mixail 898-çi ildə Kiril və Mifodini göndərir ki, slavyan dilinə kitablar tərcümə etsinlər; halbuki Mixail 867-ci ildə öldürülmüşdü və təbii ki, ölümündən 31 il sonra Moraviyaya adam göndərə bilməzdi.
Daha sonra əgər slavyan əlifbası yoxdursa, o necə göstəriş verə bilərdi ki, slavyancaya tərcümə olunsun? Həm də: bəs əgər tərcüməçilər slavyan dilini bilmirdilərsə? Belə kitablar kimə gərəkdir?
Kiril əlifbası (kirillitsa) “xüsusi slavyan əlifbası” Kirilin ölümündən sonra meydana çıxıb. Əsla əvvəl yox! Bu əlifba onun sağlığında heç olmasa ona görə üzə çıxa bilməzdi ki, Jitiyedən (dini əfsanədən) göründüyü kimi, qoca öz ölümündən cəmi bir neçə gün əvvəl Kiril adını götürmüşdü məhz ölüm azarı ilə xəstələnəndə, müqəddəs Kiril günü müqəddəs sximanı (xristianlarda yüksək rahiblik dərəcəsi T.H.) qəbul etdi. Buna qədər onun adı Konstantin idi, o bütün ömrünü bu adla yaşamışdı. Belə çıxır ki, hətta “kirillitsa” (Kiril əlifbası) sözünün özü o zaman meydana gələ bilməzdi.
Məsələ burasındadır ki, orta əsr tarixçilərində buna heç bir şübhə olmayıb. Məsələn, bohemiyalı (Bohemiya Almaniyada yer T.H.) Dobner elə beləcə də yazır: əsl Kiril əlifbası qlaqolik yazıdır, “Qlaqolik hərflər kobud və səriştəsizdir, çox qədimin nümunəsidir və başqa əlifbalarla bənzəri yoxdur. Kiril hərfləri isə yunanlarınkı kimidir və IX əsrdə o, yeni kəşf sayıla bilməzdi. Buradakılardan yunanlarda yoxdur ki, bunları qlaqolik əlifbadan götürmüş olsunlar”.
Duzdür, N. M. Karamzin qeyd edir ki, qlaqolitsa slavyanlarda ona görə işlənə bilmədi ki, “hərfləri əyri-üyrü idi”, ancaq aşkarca biclik edirdi. Kirilitsa ondan az əyri-üyrü deyil. Səbəb, əlbəttə, başqadır və böyük Karamzin bunu bilməyə bilməzdi.
Slavyan dilində yumşaq “q” səsi (“g” nəzərdə tutulur T.H.) varmı-yox, halbuki bu, türkcə üçün səciyyəvidir. Yaxud burun səsləri? Yaxud y-laşma? (məsələn, söz əvvəlində: inci-yinci T.H.). Karamzin nəslən Krım türklərindən idi və türkcəni, şəksiz, bilirdi. Yox, əlbəttə, iş hərfin qıvrımlığında əyriliyində deyildi. Sadəcə olaraq, qlaqolitsa slavyan dilinin boyuna biçilməmişdi türkcə səslər daha çox idi, bu hərflərin sayına uyğun o gəlirdi.
Məhz bu səs azlığına görə yunanlar slavyancanı “olduqca kobud” dil sayırdılar.
Qlaqolitsaya döndərilmiş türk runları Avropada Xalqların Böyük köçündən sonra özünü göstərir. Onu IV-V əsrlərdə Attilanın döyüşçüləri və onların sələfləri bura gətirmişdilər. Bu əlifba Altayda e.ə. məlum idi.
Mərkəzi Avropanın əhalisi üçün türk runik yazısı uzun müddət öz sözlərini kağıza köçürmək və zamana etibar etmək vasitəsi olmuşdur. Avropanın bu hissəsində başqa yazı olmayıb. Ancaq bu yazıdan ulu bir sirr kimi yalnız kahinlərmaqlar istifadə edirdilər.
Kiril və Mefodini “ilk slavyan müəllimləri” eləyərək, rus salnaməçiləri qoca Kirili (daha dəqiqi isə Konstantini) xristianlaşdırıcı missiya ilə Kiyevə göndərirlər. Görünür, bu salnaməçilər nəzərə almayıblar ki, öz dövrünün bu görkəmli nümayəndələrinin fəaliyyəti başqa mənbələrdə də (əlbəttə, qeyri-slavyan mənbələrində) əks olunub. Ancaq, əlbəttə, heç bir Kiyev səyahətindən söhbət ola bilməz.

Rusun xristianlaşma “dumanı”
Rusun (Rusiyanın) xristianlaşmasında da çox dumanlı işlər var. Məsələni ümumiyyətlə bir ədəbsizlik “duman"ı bürüyüb. Bu vacib dövlət aktından danışılan, az qala, hər sözdə uydurma və fərziyyə var. Hətta xristianlaşmanın baş vermə tarixi haqqında nəhayətsiz mübahisələr gedir. Ancaq aydınlıq hasil olmur ki, olmur!
Kiyevin qurulacağı torpağa gəlmiş Andrey Pervozvannının haqqındakı əfsanənin yanında hər hansı mif yalandır. Görünür, XII əsrdə düzəldilib.
Yevsevi Kesariylinin Tarixində Apostol Andreyin fəaliyyəti haqqında çox nüfuzlu məlumat verilir. Ancaq orada Andreyin Skifiyaya[3 - Skifiya sözü yunanlarda daha çox coğrafi mənada işlənir. Qara dənizdən şimala uzanan ərazini və orada yaşayanları yunanlar belə adlandırırdılar. "Öz cahillikləri ucbatından" (ifadə N.M. Karamzinindir) yunanlar keltləri və skifləri öz adları ilə verirlər, bütün qalan xalqlara Avropanın Qərb və ya Şərq əhli deyirlər.] gəlməsindən danışılır bura Qara dənizin şimal sahilləridir.
Neçə əsrdir ki, Rusda ona qibləgah kimi baxırlar guya Andrey Pervozvannı xristianlığı qəbul edən ilk slavyandır.
Müqəddəs Andreyin Qədim Rus “səyahəti” başdan-başa uydurmadır. L. Müllerin ifadəsilə “Bu, çoxdan Rusu dolaşan bir lətifədir”. Məsələn, İlmen slavyanlarının yanında apostol rusların buxar hamamına təəccüb edib. Əfsanəni düzəldənlərin ağlına gəlməyib ki, İlmen-göl ətrafına slavyanların gəlişi V-VI əsrlərdən o yana getmir. “Rus buxar hamamı”ndan necə söz gedə bilər?
Yorulmaz Müller “Rusun xaç qəbulu” kitabında bu əfsanənin necə yaranmasına diqqət yetirmişdir. Onu yaradanlar ancaq cəhalətdən ilham alıblar. Şayiəni kiyevlilər uydurublar, Novqorodlular onu qapmış və tamamlamışlar. Sonra qar topası kimi böyümüş, şimal-şərqə diyirlənmiş, xristian Kilsəsinin yayıldığı regionları tutmuşdur. Slavyanlara öz müqəddəs, tarixi kökləri lazım idi. Buyurun, müqəddəs apostol Andreyin Rusa “səyahəti” haqqındakı uydurmalar yeni təfərruatlarla şişir.
Qarşımızda tarixi sənəd yox, hətta Kilsənin də qəbul etmədiyi ədəbi əsər (apokrif) dayanır. Məsələ də budur ki, bu yaramaz uydurma Böyük Rusun tarixində bir ululuq səhifəsinə çevrilmişdir.
Alman tarixçisi “səyahətin” ilk variantının meydana çıxmaq tarixini də müəyyənləşdirib bu, Rusiya tarixinin cidd-cəhdlə yenidən yazıldığı Vladimir Monomaxın dövrüdür. 1102-ci ildə böyük knyazın nəslindən bir nəfərə Andrey adı verilir. Elə ondaca Rusda Andrey Pervozvannanın şərəfinə təqdis edilmiş kilsələr meydana gəlir. “Rusun ilk xristianı” şərəfinə dini mərasim ənənəsi yaranır halbuki əvvəllər bu haqda heç təsəvvür yox idi.
Bu açıq uydurma Rusa haradan gəldi? Görünür, Bizansdan, Ruslarınkından bir az əvvəl, IX əsrə yaxın bir apostol Andrey haqqında da əfsanə qurulmuşdu. O Andrey də gələcək Konstantinopol olacaq yerə gəlib guya ilk xristian icmasının əsasını qoyur, sonra da əzablı bir ölümlə dünyasını dəyişir. Ancaq Bizansda bu “zühur” çox az-az yada düşər. Görünür, bəzən elə siyasi səbəblər olur ki, onların xatirinə gözəl əfsanələr yaradıblar və yenə yaradırlar bir az sonra bunları tarix kimi qələmə verirlər.
Tarix elminin əlində belə bir məlumat yoxdur ki, yeni rus Kilsəsinin başında kim durur, ibadət hansı dildə gedib, Rusun xaç qəbulu necə olub, harada olub? Bu məsələdə mütləq söz demək yersizdir, bu, həqiqətə ziyan verər. Məlum deyil! Vəssalam!
Rusun rəsmi xaç qəbulundan xeyli qabaq Kiyevdə Xristian məbədləri vardı. Bu faktdır. Məsələn, Poçayn irmağı sahilində İlya Prorok Kilsəsi fəaliyyət göstərirdi bu barədə Bizans müəllifləri məlumat verirlər. Başqa kilsələr də vardı. Bunlar kimə xidmət edirdi?
Rusda “İlk xaç sahibi şəxs” haqqında bir söz gəzir. Mütəxəssislərin də etiraf etdiyinə görə bu versiya zəifdir. Ancaq axı var. Çünki belə bir fərziyəyə ehtiyac olub.
Konstantinopol patriarxı Foti (820-890) Dairə nəsihətnaməsində göstərirdi ki, varyaq-ruslar (bunlar kiyevlilərdir?) IX əsrin 60-cı illərində xristianlığın sirləri ilə ilk dəfə tanış olurlar. Həmin mətndən başqa bir şey də çatır bu nəsihətnamə yazılan ərəfədə artıq kiyevlilərin yepiskopu var idi. Bu, Vizantiya kilsə hakimiyyətinə məlum idi.
Kiyev Rusunda yepiskop uzunmu fəaliyyətdə olub? Böyük şəxsiyyət sayılıbmı? Onun Ağası (baş keşiş) kim idi? Hamısı qaranlıq qalır. İmperator Konstantin Baqryanorodnının əsərləri ilə Foti versiyasının müqayisəsi də buraya heç bir aydınlıq əlavə etmir. Konstantin babası I Makedoniyalı Vasilinin bioqrafiyasında Kiyevlilərin xristianlaşdırılması şərəfini öz babasının və patriarx İqnatinin ayağına yazır.
Yenə hər şey öz yerini almır. Bir “bəs axı” hər şeyə mane olur: bəs axı Foti bu hadisədən əvvəl yaşayıb. Əgər Kiyevdəki xristianlardan Foti yazıbsa, onda patriarx İqnati onları xaç suyuna çəkə bilməzdi.
Haqqında danışılan sənədlər çox mübahisəlidir, ancaq onlar bir mübahisəsiz nəticə çıxarmağa imkan verir: IX əsrdə Kiyevdə artıq xristian ənənələri var idi.
Bu ənənələr şəhərin Xelq (Oleq sözünün tarixi deyilişidir) tərəfindən tutulmasından sonra da qalırdı. 882-ci ildə, Rusun rəsmi xaç qəbulundan yüz il qabaq bu varyaq qulduru kiyevlilərə öz Odinova inancını zorla qəbul etdirməyə çalışmışdı. Onlar müqavimət göstərib, xristianlıqlarını daha yüz il da saxladılar bu müddətdə bütpərəst varyaqların özləri xaç qəbul etdilər.
Bəlkə elə buna görə Allaha sədaqətlərinə görə ukraynalılara “xaxol” deyirlər? “Xaxol” türkcədən tərcümədə “göyoğlu” deməkdir (xox-qoq-göl, ol isə “oğul” sözüdür bu gün də türk dillərində oğul mənasında ol//ul işlənir T.H.). Ölüm xofuna qarşı “göy oğulları” müqəddəs Georgi adasında toplaşıb Poçayn irmağı sahilindəki İlya Prorok Kilsəsinə gedirdilər. Hətta Kiyevi işğal edən knyazların rusların əhatəsində xristianlar meydana çıxırdı. Bu haradandı?
“İllər haqqında povest” əfsanəvi tarixi məqamlardan təkcə Rusun xaç qəbul etməsi haqqında məlumat vermir. Məsələn, Kiyev knyaginyası Xelqənin (Olqanın) Bizans imperatoru VII Konstantinlə “nişanlanması” haqqındakı məlumatı götürək. Bizans tarixini yaxşı bilən şəxs yəqin bu salnamə epizodunda da bir saxtakarlıq tapacaqdır. İş orasındadır ki, Kiyev knyaginyası yanına gəlincə Konstantin məlikə Yelena ilə evli idi, onun evlənmək problemi yoxdu. Bundan başqa, Xelqə Konstantinopola xristian kimi gəlmişdi. Onun Bizansda xaç suyuna çəkilməsi haqqında söz ola bilməz.
Ancaq faktlar… Knyaginyanı Konstantinopola aparan rus səfirliyinin heyətində Kiyev keşişi Qriqori atanın da adı var. Bu faktdan, sənəddən necə qaçmaq olar? (Deməli, Xelqə Konstantinopola xristian kimi gedir T.H.). Hələ bu da hər şey deyil. Kiyev knyaginyasının Konstantinopolda təntənəli qəbulu haqqında məlumat saxlanmışdır. Xelqənin imperator ailəsinə gəlişi, onun məlikə Yelena ilə qısa müddətli dostluğu barədə söhbət gedir. Bütpərəsi çətin ki, Konstantinololda belə qarşılasınlar.
Bəs Xelqə nə vaxt və harada xaç qəbul edib? L. Müller hesab edir ki, 944-cü ilin yazı ilə (bütpərəst ərinin ölümündən sonra) 946-cı ilin əvvəllərinə qədər ola bilərdi. Nəzərə alsaq ki, yaşlı adamın xaç qəbulu mərasimi aylarla çəkir, onda 945-ci il bu iş üçün kifayət edərdi.
Yaşlının xaç qəbuluna aid qədim pravoslav ayini beş ardıcıl aktdan ibarət idi. Birincisi elan etmədir: keşiş kilsə kandarında diz üstə çökmüş şəxsi üç dəfə xaçla örtür, ruhunun təmizlənməsi üçün dua oxuyur, ona İncili, Zəburu və başqa vacib duaları oxumaq hüququ verir. Bu ilk mərhələni keçən adam hələ xristian sayılmır.
İkinci elan Böyük pəhrizin 2-ci və 3-cü bazar gününə təyin olunur. Yenə şəxs diz üstə çökür, üzünü şərqə tutur və yenə üç dəfə xaçla örtülür. Ancaq bu dəfə xaç qəbul edən lüt olur, bu, abır-həyanı qavramaq üçündür Adəmin keçdiyi yol xatırladılır. Bu dəfənin kulminasiyası şeytanın qovulmasıdır.
Üçüncü aktda şeytandan üz döndərilir. Bu, axırıncı pasxa cüməsinə təyin olunur. Patriarxın duası altında xaç qəbul edən şəxs satanadan ayrılıb üzünü şərqə tutur və “İnanıram” duasını oxuyur.
Dördüncü akt xaç suyuna salınmadır, bu, ən təntənəli mərhələdir. Rəhmət bazar gününün və ya başqa bir böyük bayramın ərəfəsində icra olunurdu.
Beşinci akt yuyunmadır müəyyən olunmuş qayda ilə bədənə sürtülmüş zeytun yağı təmizlənir. Bu, xaç çəkiləndən sonra səkkizinci gün olur.
Beləliklə, bu mərasim bəziləri üçün dörd-beş ay, bəziləri üçün illərlə davam edib.
Xelqənin xaç qobulunun harada olması bilinmir. Ola bilər, Kiyevin ozundo olsun, ola bilər Korsunda, yaxud başqa bir şahərdə, məsəlon, Bryanskda (əsli: Brinçi) olub. Ancaq Konstantinopolda, Bizansda olmayıb (onun Konstantinolol safari qısa müddətdə olub T.H.).
Xelqənin Konstantinopola gəlişi ilə bağlı müəmmalar çoxdur. Getməyin məqsədi aydın deyil. Kiyev knyaginyası imperatorla nə danışığı apara bilərdi? Ola bilsin ki, cavan Kiyev-Rus dövlətinin beynəlxalq statusu haqqında söhbət gedib. Ola bilər, dini problemlərdən danışıblar təsadüfi deyil ki, gedişqabağı Knyaginya xristianlığı qəbul etmişdi və s.
Lakin Xelqənin Konstantinopoldan qayıtması ilə bağlı bir təfərrüat diqqəti cəlb edir. Rus tarixşünaslığında bu, yoxdur. Bu, Maqdeburq yepiskopu Adalbertin Xronikasında onun Kiyevə səfəri ilə bağlı qeydləridir. Yepiskopu Xelqə dəvət edibmiş. Şəhərlə tanışlıq çox maraqlı olub, ancaq yepiskopu heyrətləndirən odur ki, kiyevlilər onu tələmtələsik öz evinə qaytarıblar. Rədd ediblər.
Latınpərəst din xadimi, deməli, yerinə düşməyib.
Adalbertin xronikasından görünür ki, cavan xristian Xelqə üçün Şərq və Qərb Kilsələri arasında fərq yoxmuş. Niyə? Bu barədə düşünmək lazımdır. Bu, təsadüfidirmi ki, latınpərəst keşiş Kiyevə dəvət edilmişdi? (Ola bilər ki, Konstantinopoldakı qəbul Xelqəni təmin etməmişdir; dövlətlərarası münasibətlərdə dinin mühüm rol oynadığını görərək latınpərəst yepiskopun vasitəsilə öz ölkəsində Romaya katoliklərin dayağına rəğbət oyatmaq istəmişdir. Ancaq Knyaginyanın əhatəsi və xalqı bunu qəbul etməmişdir T.H.).
Məlum olduğu kimi, kiyevlilər qədim pravoslav ayinlərinin, Şərq Kilsəsinin tərəfdarı idilər, buna görə də yepiskop Adalberti qovmuşdular. Qədim pravoslavlıq budur Rusiyanın unudulmuş xristianlığının əsası.
Bütpərəst rusları, Kiyev knyazları Svyatoslav və Yaropolkun nəsil şəcərələrini təhlil edərək L. Müller daha bir aşkar yenilik tapıb. Alman tarixçisi belə bir məlum fakta xüsusi əhəmiyyət verir ki, Yaropolkun və qardaşı Vapdemarın (Vladimirin) anaları ayrı-ayrı adamlardır. Onların bioqrafiyasını addım-addım öyrənərək, müəyyən edib ki, X əsrin 70-ci illərində (diqqət yetirin: yenə Rusun xristianlaşmasından əvvəl) Kiyevin varyaq camaatında xristian ideyaları çox kütləvi imiş. Yaropolk Kiyevdə “oturmuşdu” və arvadı xristian idi. Valdemar Novqorodda slavyanlara knyazlıq edirdi. Halbuki X əsrin sonunda Novqorodda xristianlığın nə olduğunu bilmirdilər.
Knyaz Valdemarın (Vladimirin) hərəkətlərində bütpərəst psixologiyası özünü göstərir, Kiyevdə hakimiyyəti ələ keçirərək, xristianların kütləvi edamını təşkil edir. Eyş-işrətləri də bütpərəst qaydasınca edirdilər. Rusu xaça dəvət edən “kişi” tarixə belə düşüb.
987-ci ildə bu pozğun knyazın başına gələnlər bir daimi tapmacadır. “İllər haqqında povest”dən göründüyü kimi, həmin ildə o, yanına xristian, yəhudi və müsəlman nümayəndələri dəvət edir ki, din seçsin.
“İllər haqqında povest”, “Korsun əfsanələri”, mitropolit İlarionun “Qanun və bərəkət haqqında hekayətlər”, monarx İakovun “Knyaz Vladimirin barəsində xatirələr və mədhlər” əsərlərinin müqayisəsi göstərdi ki, bunlar bir çox rus tarixçilərinin güman etdikləri kimi, tarixi faktlar deyil. Bunlar sadəcə ədəbi əsərlərdir ki, Rusun xristianlaşması ilə bağlı versiyaları hər müəllif kefi istədiyi şəkildə verib.
Bununla belə seçmə problemi olub. Ancaq dini yox, geopolitik seçmə gedib: millətlərarası həyatda cavan Rus dövləti kimə arxalansın.
Əlbəttə, məsləhət üçün Valdemar heç kəsi dəvət etməyib, özü birbaşa Bizans kursunu götürüb. Knyaz doğru hesab edirdi ki, qərbdənsə, şərq təsiri altında olmaq Rus üçün daha çox arzu olunan siyasətdir.
Bəli, seçmə nədə göründü: Şərqlə Qərbdən birini, dünyanın müxtəlif dinlərindən birini qəbul etməkdə. Əvvəlki vəziyyətində qalmaq Rus üçün dünyəvi həyatdan, mədəniyyətdən, ticarətdən kənarlaşmaq demək olardı.
“Knyaz Vladimirin barəsində xatirələr və mədhlər” əsərinin müəllifi monax İakova elə mənbələr məlum olub ki, onlar bizə çatmayıb. Ancaq həmin mənbələrə Bizans müəllifləri də istinad edirlər. Monax İakov məlumat verirdi: Kiyev knyazı Valdemar Korsun yürüşünə iki il qalmış xristianlığı qəbul edib. Ancaq Rusiya tarixçiləri bunu qəbul etmirlər, başqa fikirdədirlər.
Xristian sərkərdənin başçılığı ilə rus ordusu Korsun məbədlərini xarabazara çevirdi. Bəlkə heç Korsunda xaç qəbulu olmayıb?
Maraqlıdır ki, Rusun xristianlığı qəbul etməsinin tarixi Bizans Kilsəsində heç qeydə alınmayıb. Bu faktı nəzərə almamaq mümkün deyil. Bəlkə buna görədir ki, Bizans yazıçıları (Psell və başqaları) Rusu bütpərəstlər ölkəsi adlandırırdılar. Yaxşı əgər Bizans Rusun xaç qəbulunu dərhal bilməyibsə, bəs Kiyev knyazı xristian xaçını kimin əlindən qəbul edib?.. Bu sirrin üstündə yeddi qıfıl var.

Tarixin üzünün köçürülməsi
Bilməcələr, sirlər… Axı məhz bu bilməcə və sirlərin içində yatır ki, Kiyev Rusu ilə Bizans arasında HƏ İSƏ olub şüurlu şəkildə bunu sirr dumanına bürüyüb rus oxucusundan gizlədirlər. Dəşti-Qıpçaq adlanan bu HƏ İSƏ tez-tez və güclü şəkildə Rusdakı hadislərə təsir edib. Həm də təkcə Rusdakı hadisələrə yox. Məhz buna görə də rus tarixinin ilk səhifələrindəcə bu hadisələrin şərhində qeyri-dəqiqliyə yol verirlər; adamın yadına cidanı çuvalda gizləmək düşür. O zamanlar planetin ən böyük dövləti sayılmış bir ölkəni əritməyi qərarlaşdırıblar. Başlanğıc üçün pis deyil.
Əsrarlı Dəşti-Qıpçaqdan əvvəl (onsuz da bu kitab ona həsr olunub)bir daha qeyd edək ki, ruslar (slavyan olmayan, əsl ruslar nəzərdə tutulur T.H.) varyaq adları daşıyırdılar bu belə də olmalı idi, onlar skandinaviyalı idilər. Bunlar sonralar sadədil salnaməçilər tərəfindən slavyan məxrəcinə salındı: Xelqə oldu Olqa, İnqvar-İqor, Valdemar-Vladimir[4 - Daha mötəbər fikir var ki, Oleq Uluğdan, İqor Uğurdan dəyişib, türk mənşəlidir – T.H.]. Sənədlərdə X əsrdə Kiyevin bu hakimlərinin adları var: Xelqə, Xelq (sonra Oleq), Valdemar, Hunnar, Vermun, Fauler, İnqald.
Qədim Kiyevdə hakimiyyətdə slavyan olmayıb. 911-ci ildə Kiyev knyazları ilə Bizans arasındakı müqavilənin mətni bunu israrla təsdiqləyir.
Həmin müqavilə belə başlayır: “Biz-Rus nəslindən Karl, İnqelot, Farlov, Vərəmid, Rulav, Hudu, Raul, Karn, Flelav, Rüar, Aktutru, Lidulfost, Stemid…”. Buyurun, Rusu bunlar təmsil edirdilər, Rusun adından danışmaq bu adamlara etibar olunmuşdu. V. O. Klüçevski (1841-1911) yazırdı: “İlk rusların varyaqların və onların drujinniklərinin adları, ümumən, skandinav mənşəlidir”.
Şübhəsiz, iş yalnız onda deyil ki, bu sənədlər hansı dildə yazılıb və bu adamlar hansı dildə danışırdılar. Həmin müqavilənin 7-ci və 8-ci maddələrində şərt qoyulurdu ki, ruslar və yunanlar “qul kimi satılıb-alına bilməzlər”. Slavyanların adı çəkilmir. X əsrdə slavyanlar ruslar üçün “canlı əmtəə" və gəlir mənbəyi idi. Ruslar Bizansın və Şərqin qul bazarlarında slavyanları alıb-satırdılar. Bu qul alveri barəsində Bizans imperatoru Konstantin Baqryanorodnı da, başqa müəlliflər də yazıblar.
Buna görə də 911-ci il müqaviləsinin slavyan dili haqqında N.M.Karamzinin düşüncələri, yumşaq desək, özünü doğrultmur. Həmin müqavilənin rus mətni dünyanın istənilən dilində ola bilərdi, bircə slavyanca yox çünki hökmdarlar qul dilində yazmırdılar.
Daha münasibi belə olardı: müqavilənin ikinci, itmiş (itirilmiş daha düz olardı T.H.) nüsxəsi olsaydı, mütləq türkcə yazılmış olacaqdı bu, Dəşti-Qıpçağın hakim dili idi. Bizansın Skifiya ilə rəsmi iş yazışmaları beş əsr bu dildə aparılıb. Kiyevdə öz hakimiyyətləri dövründə varyaqlar da bu dili bilməyə bilməzdilər.
Rus salnaməçiliyinin bilicisi A. A. Şahmatov (18641920) vaxtilə aşkar etmişdi ki, “İllər haqqında povest” bu əsrlər müddətində ən azı iki dəfə əsaslı surətdə işlənib. Sonrakı tədqiqatçılar müəyyən etdilər ki, povestin ayrı-ayrı yerləri beş dəfə işlənib-köçürülüb. Nəticədə qara ağ olub, yaşıl da qızarıb. Nestorun əsərindən mahiyyətcə heç nə qalmayıb.
Xronoloji uydurmaları təhlil edən A. A. Şahmatov mümkün bilib desin ki, Rusun bu baş salnaməsində 945-ci ilə qədər cəmi dörd tarixi epizod tarixi gerçəkliyə uyğun gəlir. Qalanlarının babalı sonrakı müəlliflərin boynuna.
Şahmatovun fikrincə, Rusda salnamələr (başqa tarixi ədəbiyyatlar da həmçinin) “əxlaqi-tərbiyəvi məqsəd əvəzinə, dövlət siyasətinin məqsədinə” qulluq edib, bunun üçün də əfsanələr, uydurmalar, təbii ki, həqiqətdən daha çox arzu olunub.
P.N. Milyukovla razılaşmamaq mümkün deyil 1898-ci ildə yazırdı: “XV əsrin sonu və XVI əsrin əvvəllərində onlar (rus istorioqrafları M.A.) özlərinə müasir hadisələri tendensiyalı-qərəzli verməklə kifayətlənməyib, keçmişdəkilərin də işıqlandırılmasında istədikləri mövqedən yazırdılar.
Rus dövləti, Kiyev vərəsəliyi və nəhayət, Bizans imperatorlarının hakimiyyəti ilə bağlı Moskva hökmdarının, Moskva siyasi sərənçamlarının ədaləti barədə bir neçə əfsanə uyduruldu”.
Buyurun, “moskallıq nə vaxt doğulub: XV əsrin sonu, XVI əsrin əvvəli. Bə Rusiyanın “moskallıq tarixi” meydana gəlir. Bununla da üzünü köçürüb dəyişdirmə, quraşdırma normaya çevrilib.
Günəmuzd akademiklər Rusiyanın tarixini növbəti köçürərkən həqiqəti çığıran faktları qoyub salnamələrin miflərinə əsaslandılar. Saxta patriotizm yaratmağa çalışan akademiklər Rıbakovlar köhnələrlə kifayətlənməyib yeni miflər düzəldiblər. Yerevanda “bünövrə daşı” basdırıb Erebuninin tarixini e.ə. VIII-VII-ci əsrlərlə bağlayıb, Yerevanın 2500 illiyini keçirən ermənilərin əfsanəsini təkrar edərək, bu akademiklər Kiyevin yaşını dəyişmək istədilər. 1994-cu ildə, senzura buxovu zəiflədikdə ak. V.L. Yanin yazdı: "IX-XII əsrlərin hadisələri haqqında biliklərin mənbəyi salnamədir. Ancaq o, sonrakı yüzilliklərin redaksiyasında saxlanıb. XII əsrin əvvəllərində yazılmış salnamə əfsanəvi elementlərlə doludur. Sonrakı redaktələr onları daha da gücləndirib. Mifoloji elementlərin ikiqat şəklə düşməsi bunun nəticəsidir: salnəmədəki əfsanələrə tədqiqatçıların əfsanələri əlavə olunmuşdur".
Rusiyanın tarixi heç də, indi göstərildiyi kimi, qəhrəmanlıq “peyzajları” olmayıb. Bunu deməklə həmin Yanin min dəfə haqlıdır ki: “yalnız mənbələrin tənqidi təhlili yolu ilə kök salmış miflərin yaratdığı tarixi təsəvvürlərdən təmizlənmək mümkündür”,

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/murad-adzhi-31944304/qipcaq-colunun-yovsani-68386414/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Fəslin adı “Москальские истории”dir. V.Dalın lüğətində “москаль” sözü belə şərh olunur: Москвич (moskvalı), русский (rus). Deməli, “moskvaçılıq”, “rusçuluq” məzmununu bildirir. Deməli, Rusiya ərazisindəki qədim xalqların tarixi rolu, rus mədəniyyətinin yaranmasındakı iştirakı rədd edilibmiş. V. Dalın lüğətində moskalla bağlı belə kəlamlar var: “Кто идет? Чорт. Ладно, абы, не москаль” (Kim gəlir? Şeytan. Təki moskal olmasın); “с москалом дружись, а каменьза позухой держи”. (Bizdəki qarşılığı: İtlə dostluq elə, ağacını əlindən qoyma); “Знает москаль дорогу, а спрашивает” (Moskal yolu bilir, yenə soruşur – kütlük bildirir). XIX əsrdə yazıya alınmış bu kəlamlar, deməli, xalqda çoxdan olub. Bu, əvvələn, rus millətinin mənşəyində müxtəlif etnosların durduğunu, ikincisi, Moskvanın dövlət siyasətinin qərəzliyindən geniş xalq kütləsinin narazı qaldığını göstərir.

2
Daha əvvəllərdə, hələ e.ə. Avropa məhz türkün runik əlifbasından istifadə edirdi. Bunu ora italyanların mədəniyyət babası sayılan etrusk türkləri aparmışdılar. Geniş məlumat üçün bax: Adile Ayda – Etrucxer (Tursakalar) Turk idiler. Ankara, 1992 – T.H.

3
Skifiya sözü yunanlarda daha çox coğrafi mənada işlənir. Qara dənizdən şimala uzanan ərazini və orada yaşayanları yunanlar belə adlandırırdılar. "Öz cahillikləri ucbatından" (ifadə N.M. Karamzinindir) yunanlar keltləri və skifləri öz adları ilə verirlər, bütün qalan xalqlara Avropanın Qərb və ya Şərq əhli deyirlər.

4
Daha mötəbər fikir var ki, Oleq Uluğdan, İqor Uğurdan dəyişib, türk mənşəlidir – T.H.
Qıpçaq çölünün yovşanı Мурад Аджи
Qıpçaq çölünün yovşanı

Мурад Аджи

Тип: электронная книга

Жанр: Общая история

Язык: на азербайджанском языке

Издательство: JekaPrint

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Qıpçaq çölünün yovşanı, электронная книга автора Мурад Аджи на азербайджанском языке, в жанре общая история

  • Добавить отзыв