Muhammed. Son peyğəmbər
Məhəmməd Əsəd bəy
Kitabda Ərəbistanın islamdan öncəki cahiliyyət dövrü, dünyanın yeni düzənini yaratmış Peyğəmbərimizin uşaqlığı, gəncliyi və peyğəmbərliyi eləcə də islamın XX əsrin əvvəlinə kimi olan durumu gözəl bədii boyalarla təsvir olunur.
Məhəmməd Əsəd Bəy
Muhammed. Son peyğəmbər
Çərkəz Qurbanlının əziz xatirəsinə
BİRİNCİ BÖLÜM
PEYĞƏMBƏRDƏN ÖNCƏKİ DÜNYA PEYĞƏMBƏRİN SƏHRASI
Gəl sənə onun səhrada necə yeriməsindən deyim. Çörəyini və suyunu dalında daşıyır, ulaq öz yükünü daşıdığı kimi. Belinin fəqərələri əyilib. Içdiyi iyli sudur.
Papirus Anastasi IV, 9[1 - Papyrus Anastasi – papirus (yun. papiros): sərv sinfındən 1-3 m hündürlüyündə uzunömürlü ağac. Hələ qədim zamanlarda ondan bərə, qayıq, ulğan və yazı üçün papirus hazırlanardı. Anastasi yunanca anastasius sözünün latın dilində yiyəlik halı. Mənası yenidən dirilən deməkdir. Xristian xüsusi ismi Anastas da buradandır. Papyrus Anastasi əlyazmalar kağızı anlamındadır. (Bu və bundan sonrakı ayaq qeydləri tərcüməçinindir).]
Afrikanın şimal-şərqində mavi nəhr, yaşıl düzənlik və çayla düzənliyi ağuşuna alan sarı səhra ölkəsi yerləşir. Misiri Asiya dünyası ilə nazik bir torpaq zolağı birləşdirir və nəhəng bir səhra onu iki nəhrin – Fərat və Dəclənin – torpağından ayırır.
Misirdə firon hökmranlıq edirdi; Fərat və Dəclə sahillərində iki qüdrətli səltənət mövcud idi, Assuriya və Babilistan. Onların arasında isə səhra, amansızlıq və cahillik qərar tutmuşdu. Həmin aləmin nəhrlər boyunca səpələnmiş iqtidar sahibləri bu amansızlıqdan arın-arxayın yan ötüb keçirdilər. Səhranın qurtaracağında onlar bufer dövlətləri yaradır, zaman-zaman cəza dəstələri göndərir və çapqınçı səhra xalqının acınacaqlı yaşamından qorxulu olaylar söyləyirdilər.
– Səhraya getmə, oğul, dünyagörmüş yaşlı misirli nəsihət verirdi, səhrada hələ heç kəs xoşbəxtlik tapmayıb. Səhraya getsən, o saat mal-qarasını itirib qurd-quşa yem olan tayfaya dönəcəksən.
Sonralar fironlar sıradan çıxdılar, İkiçay Məmləkətinin[2 - İkiçay Məmləkəti – Nil və Fərat arasında yerləşən torpaqların alman mənbələrindəki adının kalkası.] xanimanı dağıldı. Yeni padşahlar peyda oldular, onlar da öz sələflərinin etdiklərini etdilər: saraylar tikdilər, cəza ekspedisiyaları göndərdilər, səhraya qarşı bufer dövlətləri yaratdılar. Nil və Fərat arasındakı amansızlıq və yabanılıq isə baş verənlərin heç birinə baxmayaraq keçmişdəki kimi dəyişməz qaldı.
– Onlar bizim üçün həmişə dilənçi və yolçu olublar, Fərat sahilinin sonrakı hökmdarlarından biri bu cahillik xalqı haqqında belə demişdi.
Nilin, Dəclə və Fəratın sahillərində dünya imperiyaları yaranıb yox olmuşlar. Nəhrlər arasındakı səhrada isə heç nə yaranmamış, heç nə yox olmamışdı. O sadəcə mövcud idi və Nil və Fəratın mədəni insanlarını narahat edirdi. Ancaq bu narahatçılıq o qədər də qorxulu deyildi. Səhra ticarət üçün qorxunc karvan yolundan, nağılçılar üçün əcinnələr ölkəsindən, qəsbkarlar və dövlət xadimləri üçünsə əhəmiyyətsiz qonşu əyalətdən başqa bir şey deyildi.
Səhranın adı: Cəzirə əl-Ərəb «Ərəblər Adası».[3 - Bəzi qaynaqlarda, məsələn, A. Massenin «İslam»ında «Cəzürət-ül-ərəb», tərcüməsi də «Ərəb yarımadası» kimi verilir.] Amma bu ölkə ada deyil, Afrika ilə Asiya arasında bir dünyadır, hər iki qitəyə qohum, fəqət daxilən yad. Özü özlüyündə bir dünya.
Ərəbistan yarımadadır. Almaniyadan altı dəfə böyükdür. Yarımadanın Qırmızı dəniz, Aralıq dənizi və Fars körfəzi sahilləri qayalıqdır, keçilməzdir. Gəmilər yalnız bir-iki limana yan ala bilirlər.
Digər ölkələri birləşdirən dəniz Ərəbistanı başqa aləmdən ayırır. Onu ən çox ayıran isə səhradır; şimalda İraqla sərhəddə Nefud səhrası «əl-Bəhr Bila Ma» («Susuz dəniz»), cənubda «Rub əl-Hali» («Qızılqum səhrası»), həzrəmutların qorxunc məmləkəti. Minillərdən bəri Ərəbistan qoca Şərqin nəhəng mədəniyyət ölkələri arasında amansızlıq, yabanılıq, zülmət və kasıblıq içində uyuyur.
Nə ölkədir bu? Qədim əfsanələr xəbər verir:
«Rəbbülaləm yeri xəlq edəndə daşı, suyu, çəmənliyi və vadiləri bütün ölkələr arasında bərabər böldü. Qüdrət Sahibinin bu xəzinəsindən hər ölkəyə biraz düşdü, Ərəbistan da öz payını aldı. Sonra Aləmlərin Sahibi hər ölkəyə biraz da qum verməyi qərara aldı; zira insana azca qum da lazım olur. Qumu götürüb çuvala doldurdu və onu ədalətlə paylamaq üçün Ulu Mələk Cəbraili göndərdi. Amma iblis insanların paxıllığını çəkirdi. Cəbrail Ərəbistan üzərində pərvazlananda şeytan gizlincə yaxınlaşıb çuvalı deşdi və qumun hamısı Ərəbistana töküldü, göllərini qurudub çaylarındakı sularını soğultdu».
Səhra belə yarandı.
Bu vaxt Rəbbülaləm qəmlənib dedi: "Ərəbistanım miskinləşdi, mən onu qızılla örtəcəm”. Və O, mərhəmət göstərib parlaq qızıldan nəhəng bir qübbə xəlq etdi. Amma iblis bunu da səhra insanlarına rəva bilmədi. Öz cinlərini göndərdi, onlar da parlayan səma qızılını qalın qara çadralarla örtdülər. Fəqət Aləmlər Sahibi işini dayandırmadı. Öz mələklərini göndərdi, onlar da nizələri ilə şeytanın qalın qara çadrasında kiçik deşiklər açdılar. Beləcə ərəb ulduzları, dəyəsinin ağzında yuxusuz dayanan insanın üzünə gülümsəyən ilahi qızıl yarandı. Gündüzlər isə ölkə əlacsızlıqdan şeytanın ixtiyarına verilmişdir.
Mavi polad rəngli səma aylarla yerin başı üzərində dayanır, ancaq böyük istilər başlayan kimi o, parlaqlığını itirib kül rəngi alır. Səma ölkəni boğur, qurumuş torpağa eşidilməmiş qaynarlıq göndərir. Ölkə qızmar, qaynar Günəşin altında yanır, sapsarı, monoton, dəyişməz. Əbədi qızmardan dağ yamacları və sal qayalar şaqqıldayıb para-para olurlar. Get-gedə üyünüb toza dönürlər, ərəb Günəşinin altında yaşayan hər şey kimi. Göylə yer arasında tozdan başqa heç nə olmur; küləyin qovduğu iri buludların içində o, üfüqləri örtür, Günəşin qabağını tutur, onun qaynarlığını canına çəkib yandırıcı dənələrini insanların başına tökür. Günəşlə quruluq Ərəbistana hakim kəsilmişlər.
Həzrəmutda, Nefudda, Dəhnada və Rub əl-Halidə boz, verimsiz düzənlik qorxunc, qızarttaq qum dənizinə çevrilir. Ərəb məmləkətinin üçdəikisinə ölüm hakimdir. Qırmızımtıl təpələrin arasında qum bataqlıqları olur. Onlar insan və heyvanları içəri çəkib aparırlar. Adam ağır-ağır yumşaq qumun içinə quylanır. Dəhşətlər ölkəsi Rub əl-Halidə hiyləgər bədəvilərin azdırdığı qüdrətli qoşunların hərbi qüvvələri öz sonlarını beləcə tapırdılar.
Ərəbistanın ondadoqquzu bəhrəsiz səhradır. Və sarı səhranın bitdiyi yerdə ərəb dağlarının sərt qayalıqları ucalır. Bu dağlarda əcinnələr yuva salmışlar. Bu dağların sərin hava ilə dolu mağaralarından gecələr fəryad və ah-nalə eşidilir. Bu, ordakı Cəbəl Sələb dağından boylanan cəhənnəmin səsidir.
Bu ölkədən bircə iri çay belə axmır. Yalnız çox az yerlərdə, Nəcddə, qıraqda yerləşən Yəməndə, ticarət yolunun üstündəki Hicazda və dağların ətəklərində insan məskənləri yaranıb ərsəyə gələ bilər. Orda şəhər və kəndlərə rast gəlinir, orda kəndli özünün bir ovuc torpağını becərir. Enli vadi boyunca yoxsa bu, çay yatağımı? İnsan məskənləri uzanıb gedir. Səhranın qorxusu canından çıxmayan işgüzar, kasıb xalq orda yaşayır. Çünki bu şəhərlərin, kənd və tarlaların hamısı ölkə üçün yalnız talenin təsadüfləri, gündəlik səhra yaşamının boz yeknəsəkliyində təntənəli ara dayanacaqlarıdır. Dövlətə bənzər bir-iki xırda qurumlar burda yaranırdı, qonşu mədəniyyətlərin cüzi təsiri onlara burda nüfuz edirdi. Hansı mədəniyyəti isə məhv etmək üçün hansısa bəndin uçması, hər hansı bir dövləti tarmar etmək üçün hansısa bir gecə basqını yetərli olurdu.
Sonra yenidən qum başlayır. Arxlar quruyur, evlər dağılır. Səhra yayılıb genişlənir; bu ölkə üçün həlledici və vacib olan yalnız səhradır. Ölkənin siması odur. Xalqın ən yaxşı hissəsi ona tabedir. Ölkənin taleyini həll edən də odur. Ərəb dünyasının əvvəlində və sonunda səhra dayanır. Hələ Ərəbistan şəhərləri salınmamış o burda vardı, son ərəb tarlası qum altında qalanda da o burda var olacaq. Səhra ərəbliyin beşiyi və məzarıdır.
Ərəbistanda iki şey bir-biri ilə çarpışır, ərəb isə onların hər ikisi ilə. Qumun hökmranlığı ilə suyun hökmranlığı amansızcasına mübarizə aparırlar. Qumun nə olduğunu ömründə səhranı görməyən də bilir. Amma qərb dünyasında suyun nə demək olduğunu bilən varmı? Qərbdə su – hava, torpaq kimi adi şeydir. Çaylar öz yataqları ilə axır, göllərə tökülür, yerə can verir. Şərqdə isə hava və torpaq var. Su da olur. Amma çay yataqlarında yox, çünki çaylar qurumuşdur, göllərdə də olmur, çünki ölkədə göl yoxdur. Su minbir qayğı ilə kiçik dəri tuluqlarda qorunur, yaxud dəvənin qarnında hifz olunur. Kiçik bir quyudan ötrü uzun sürən savaşlar başlayır. Adicə bir sızqa böyük-böyük tayfaların artımının və sərvətinin əsasını təşkil edir.
Yayda su qaynağı tapmaq üçün qumu, tozu yara-yara köçəri yüz kilometrlərlə yol qət edir. Su səhranın zinətidir; çünki mələklər insanlara mərhəmət göstərmək istəyəndə yerə su püskürürlər. Bu nədənlə də hər suyun öz tamı olur, çox vaxt suyu ağzından püskürən mələkdən qaynaqlanaraq. Su qaynağı tapmaq xoşbəxtliyi kimə nəsib olursa, bu sərvəti o, hamıdan gizlədir; bu sirri qorxa-qorxa öz tayfası üçün qoruyur. Ərəbistan susuz dünyadır.
Səma aylarla kül rəngində olur, sanki qum dənələri ilə örtülmüşdür. Ölkəni səmum küləkləri dolaşır, isti külək səhrada cövlan edir. Bu anlarda səhra insanı dəyəsinin yanında əyləşib üfüqə yorğun-arğın boylanır ki, orada da qumdan xoş ilğımlar yaranır – həmişə də eyni şey: su, su, su. Çox nadir hallarda bir neçə ayda bir kərə üfüqdə bulud görünür. Göy üzü tutulur, ərəb leysanı başlayır. Qumla su bir təbii gücdə birləşir. Göydən su tökülür, qaynar qumun üstünə düşür, onunla qarışıb bəlaya çevrilir.
Bədəvilərin yurd saldığı səhra vadiləri su ilə dolur. Onlar birdən-birə çaylara çevrilir. Köhnə ölü çay yataqlarına həyat gəlir. Dəyələr dağılır, sel dəvələri alıb aparır. Səhra tayfaları qəflətən çay sahilinə çevrilmiş qum təpələrinin üstünə çıxıb özlərini xilas edirlər. Sonra yağış kəsir, səhra böyük lil bataqlığına çevrilir. Heç kəs ora ayaq qoya bilməz, nə insan, nə də heyvan. İki-üç saat keçir, gilli qumun üstündə səhra mamırı peyda olur. Yenidən Günəş yandırıb-yaxır və göylərin bəxş etdiyi suyu amansızcasına sümürüb udur.
Səhra öz köhnə simasını yenidən bərpa edir, yenidən viranələşib çılpaqlaşır, cansızlaşır. Bədəvi salamat qalan sərvətini ağır-ağır toplayır, ağır-ağır sakitliyə, amansızlığa və yabanılığa üz tutur. Külək səhra qumunu yenidən burub qaldırır; sonsuz, tənha və quru qum çölü baş alıb gedir. Köçəri qumda günlərlə yol yeriyir. Onun dəvəsi saatda on-onbeş kilometr məsafə qət edir. Düşüncələr ağır-ağır kütləşir. Qumun və səmanın mavi dünyasından başqa gözə heç nə dəymir, tezliklə səmanın harda qurtardığını, qumun harda başladığını da bilmirsən. Üz tutub səhra ilə gedirsən, yarımürgülü, yarıoyaq və yuxu ilə gerçəkliyin sərhədində həmişə eyni şey dayanır: boz, sonsuz, monoton səhra – qum.
Səhrada heç nə insan fantaziyasını qıcıqlandırmır. İnsana heç nə sirayət etmir. Şərqin pəndəmliyi səhrada yaranmışdır, boşluq və tənhalıq içində, sonsuz karvan yollarında. Acıq püskürtüsü, bədəvi enerjisinin qəfil leysanı da böyük düzənliyin yumşaq qumundan törəyir. Səhra insanının beynini çox az olaylar ehtirasa gətirir, onun dincəlməyə, düşünməyə, götür-qoy etməyə yetərincə vaxtı var. Səhra insanının beyni səhra havasının, səhra qumunun özü kimi quru və aydındır. Orda çox az fikirlər özünə yer tapır. Lakin bu fikirlər onun sadə qəlbində möhkəm və dərin bir lövbər salmışdır.
Səhra insanında dünyanın lap başlanğıcından bir fikir kök atmışdır: gözlənilməzlik fikri. Səhra özü gözlənilməzlikdir. Bugün o, adama xurma ağacı, biraz su bəxş edir. Sabah səmum özünü yetirib son dəvəni də əlindən alır.
Heç kim səhranın nə gətirəcəyini bilmir. Çünki səhra bir heçlikdir və bu heçlik güclüdür, köçərinin özündən də güclü. İnsan itaətlə səhranın gözlənilməzliyinə təslim olur. Onun zorakılığına imdadsız-imdadsız dözür. Onun qorxusu bədəvini öz buxovunda saxlayır, səhra onun üçün açılmaz bir tapmaca, fövqəlgüc bir taledir. Bədəvi başına yağan olaylara müqavimətsiz boyun əyir.
Ərəbistanın ondadoqquzu səhradır. Qalan ondabiri hər gün səhraya çevrilə bilər. Ərəbistanın insanları səhraya itaət göstərməlidir – onlar fatalistdirlər.
Nə insandır bu? O, qumda yaşayır, elə özü də qum kimidir, böyük dünya üçün əhəmiyyətsiz, dəyişməz, minillər boyunca sabit. Dünyanın ilkindən bu yana ərəb xalqı dəyişməyib. Necə var, eləcə donub qalıb, içindən çıxdığı, üstündə yaşadığı, ayrıla bilmədiyi səhranın özü kimi.
Bəs bu xalq nə xalqdır?
SƏHRA XALQI
Biz ərəbləri yalnız dilənçi və yolçu kimi tanıyırdıq.
Yezdəgird Vadbaxt[4 - «Adların siyahısı»nda: Üçüncü Yezdəgird.]
İshaq dünyaya gələndə İbrahim kənizi Hacəri və oğlu İsmaili öz dəyəsindən qovdu. Bibliya onların başına gələnlərdən heç nə bilmir. Amma kahinlər xəbər verirlər ki, İsmail səhrada Lilitin qızlarına rast gəlir. Ərəb xalqı həmin qızlardan və İbrahimin oğlundan törəyir; bu xalq güclü şəkildə artıb-çoxaldı; amma onun yaşadığı səhra bəhrəsiz və çılpaq idi. Xalqın varlığını o şərtləndirirdi. Xalq bir oazisdən digərinə köçür, bir ovuc otlaq quruyana qədər öz mal-qarasını otarır və xırda bir tayfanın yaşaması üçün Avropadakı orta əyalətlərdən biri boyda ərazidən istifadə edirdi. Amma xalq həddən ziyadə artıb-çoxalanda, mal-qara üçün otlaq sahələri çatışmayanda onun bir hissəsi qalxıb köç edir. Nil və Fərat sahillərində həmin köçkünlər yad ölkələrin qorxulu qəsbkarlarına, yaxud yabançı başçıların xidmətində muzdlulara çevrilirdilər.
Hər oniki-onbeş əsrdənbir sakinləri artıb-çoxalmış səhradan köçlər təkrarlanırdı. Dünyanın ilkindən bu köçkünlər bircə yol tanıyırdılar. Mesopotamiyaya, bərəkətli Suriya və Fələstin torpaqlarına aparan yolu. Suyu əsirgənməmiş bu ölkələrdə səhra xalqı oturaqlaşır. Dövlətlər qurur, evlər tikir və bundan sonra Ərəbistandakı geridəqalmış, cahil qardaşlarını özünə tabe etdirir. Beləcə sami müdaxiləsi ilə Ərəbistandan dünya səltənətləri Assuriya və Babilistan, qədim dünyanın mədəniyyət mərkəzləri meydana gəldilər.
Həmin səltənətlərin əsasını qoymuş xaldeylərin[5 - Xaldeylər – e.ə. 1-ci minilliyin 1-ci yarısında Babilistanda yaşamış tayfa.] arxasınca Ərəbistanın dərinliklərindən Bibliyanın saysız xalqları baş alıb gəldilər. Sonra Roma çağlarında aramilər.[6 - Aramilər – Ərəbistan yarımadasında yaşamış köçəri sami tayfaları. E.ə. 2-ci minilliyin sonlarında Ön Asiyaya yayılmış aramilər Suriya və Şimali Mesopotamiyada kiçik dövlətlər yaratmışdılar. Aramilərin sonrakı nəsilləri assuriyalılardır.] Samilərin ulu vətəni özünün döyüşkən tayfalarını birəldən şəhərlərin və əkin sahələrinin dünyasına göndərirdi. Altıncı yüzilin başlanğıcında qədim dünyanın üfüqündə yeni səhra xalqı – ərəblər baş qaldırana qədər heç vaxt ara verməyən kiçik təsadüfi köçləri uzun fasilələrlə böyük ekspansiyalar əvəz etdi.
Ərəb xalqı iki böyük hissəyə ayrılır – səhrada səhranın hökm etdiyi kimi yaşayanlara və səhrada Mesopotamiyadakı, yaxud Suriya və Misirdəki kimi yaşamağa çalışanlara: köçərilərə və oturaqlara. Onların hər ikisi bir-birinə dərindən və barışmaz nifrət bəsləyir. Bədəvi üçün oturaq ərəb bir növ quldur, yengili qılıncından daha çox, cütünə bağlanmış insandır. Oturaq da öz növbəsində özü hələ dünən bədəvi olmuş dönüyün var gücü ilə bədəviyə, səhranın cahil çapqınçısına nifrət edir.
– Qüdrət Sahibi dünyanı xəlq edəndə, bədəvi söyləyir, küləyi götürüb buyurdu: «İnsan ol!» Və Allah küləkdən bədəvini yaratdı. Sonra bir ox götürdü və həmin oxdan səhra atı yarandı. Sonra Qüdrət Sahibi bir topa zibil götürdü və həmin zibildən eşşək əmələ gəldi. Yalnız birinci eşşəyin təsindən Aləmlərin Rəbbi Öz ulu mərhəməti ilə oturağı – şəhərlini və kəndlini xəlq etdi.
Amma oturaq da cavabda borclu qalmır. Hansı səhra adətinə görə isə bədəviyə o, ikrahla: «Qadını bakirədən ayıra bilməyən kişi» deyir ki, bununla da şəhərlə səhra arasındakı fərqə işarə vurur.
Hər necə olsa da, ərəblərin ən yaxşıları və ən dəyərliləri səhrada yaşayır. Səhra həyatı sərtdir və təhlükə ilə doludur. Səhra insanı dəmir intizama tabe olmalıdır. O, şəhər dünyasına yad olan müdafiə tədbirləri görməlidir. Təkbaşına burda heç nə eləmək olmaz. Təbiətin gücünü yenmək üçün o, birliklərə, dəstələrə qoşulmalıdır. Ərəbin öz yörəsində gördüyü ilk və əksər insanlar onun ailə üzvləridir. Bunlarla o, ömürlük ittifaq qurur. Bu ittifaq tayfadır. Qərbdəki insanlar bugün tayfanın nə olduğundan xəbərsizdirlər. Onların tanıdıqları ailədir, birliklərdir, dövlətdir. Ailənin qayğısı çəkilməlidir, dövlətə xidmət etmək lazımdır, birliyinsə gərək üzvü olasan. Amma bunların heç birisi insanın qarşısında tam tələb qoyub həyatını bütövlükdə zənginləşdirmir. Ərəbə hakim kəsilən tayfa isə azad səhra övladı üçün amansız bir borcdur ki, itaətindən ərəb ona daha çox tabedir, nəinki avropalı ailəyə, dövlətə və partiyaya. Zira ərəbdən ötrü tayfa eyni zamanda həm ailədir, həm dövlətdir, həm də partiya.
Tayfa geniş bir ailənin təcəssümüdür ki, onun üzvləri bir-birindən aralana bilməz. Tayfanın öz qanunları var ki, onlara da itaətlə əməl olunmalıdır. O, icmada hər fərdin rolunu müəyyənləşdirir. Öz üzvlərinə döyüşə getməyi, yaxud ruzi aramağı əmr edir. Bütün dəvələr, qoyunlar, uşaqlar və hər bir tayfa üzvünün övrəti onunkudur. Min cür hökm və adətlə o, qorxunc bir öhdəliyin icraçısıdır. Küll halında götürdükdə primitiv kommunist dövlətinin ilkin nümunəsidir. Buna görə də ərəbi öz tayfasından qıraqda təsəvvür etmək olmaz. Yalnız hansısa bir tayfadan olma ona şəxsi önəm və insani ləyaqət bəxş edir. Minlərlə insan bir tayfadandır. Hamısı bir-biri ilə bağlıdır və hər kəs başqaları ilə qohumluq dərəcəsini dəqiq bilir.
Tayfa səhrada dolaşarkən tayfa başçısı, şeyx, onların önündə olur. Şeyxin vəzifəsi ilk növbədə tayfa qoşunlarını qoruyub saxlamaqdır. Bunu bacarmırsa, vəzifəsindən alınır. Kimsə tayfa qanunlarını pozursa, icmadan çıxarılır. Bu da Ərəbistanda kiməsə üz verən ən böyük yamanlıqdır. İcmadan qovulan səfil sayılır. Hər kəs onu qarət edib öldürə bilər. O, tayfasız insandır, heç kim ona yardım etmir, heç kəs onu qorumur. Ərəbin gücü çatmırsa, onu dövlət qorumur, çünki dövlət deyilən şey yoxdur, onu qoruyan yalnız tayfanın hörmətidir. Kimin tayfası böyükdürsə, nəzəri cəhətdən o, səhrada qorxusuz dolana bilər, heç kəs ona toxunmaz, çünki arxasında tayfasının ehtiramdolu qüdrəti dayanır. O, borc edə bilər, əgər tayfası varlıdırsa. Borcunu qaytarmasa, tayfası buna zamindir. Gənc, kasıb kişi evlənmək niyyətinə düşəndə başlıq pulunu tayfa toplayır. Kimsə əsir düşürsə, tayfa onu geri alır. Çağdaş dövlətin öz vətəndaşlarına yarada bildiyi dinclik və əmin-amanlığın hamısına, hələ bəlkə biraz da çoxuna böyük tayfanın üzvü olan ərəb malikdir. Əgər tayfası onu çıxarı edirsə, o, hər şeyi, hətta son himayəni də itirir. Tayfa nə qədər güclü olarsa, həmin tayfadan olan ərəbin həyatı və var-dövləti bir o qədər təhlükəsiz olur.
Bəs tayfanı necə gücləndirirlər? Bu, sadə və asan olur, qədim və hər kəsin bildiyi yolla: üzvlərin sayını bacardıqca artırırsan. Ərəbin çadırında nə qədər çox uşaq qaçışırsa, onun tayfasına hörmət ediləcəyi, tayfanın güclü olacağı əminliyi bir o qədər çoxdur.
Kim çox uşaq əkirsə, ona xüsusi ehtiram bəsləyirlər. Kişilik gücü dünyanın heç yerində burdakı kimi uca dəyərləndirilmir, belə yüksək ictimai nüfuz qazanmır.
– Mən kasıb, sadə bir insanam, lalıxlamış şəhərliyə bədəvi belə deyir. – Ancaq əvəzində iyirmi uşaq əkmişəm, hələ iyirmisini də əkəcəm.
Bədəvi kimi isə ağıllı və sayılan adam hesab edirsə, onun haqqında bu sözləri söyləyir: «O nə qədər istəsə, uşaq əkə bilər. Allahın mərhəməti onun üstündədir».
Və məhsuldarlığının gücü əsaslı şəkildə sübuta çatan kəs bədəvinin ehtiramını qazanır. Bədəvi çadırında on-iyirmi uşaq nadir hal deyil; fəqət uşaq ölümü çox yüksəkdir və buna qarşı yeganə təsirli vasitə itkinin yerinin tələsik doldurulmasıdır. Öz tayfasını gücləndirmək üçün bədəviyə lazım olan uşaq sərvəti, təbii ki, bir qadından əmələ gələ bilməz. Səhra və tayfa həyatı çoxarvadlılıq tələb edir. Arvadı bədəvi asanlıqla tapır, onu qonşu tayfadan götürüb qaçır. Öz tayfasından olan qadınlara çox da yaxın durmur, qohumluğun fəsadlarından qorxur.
Yazda bir çox tayfa oazisdə düşərgələnəndə bədəvi sevgi münasibətlərini qurur. Dəvə otaranda, quyu başında, gecələr düşərgə ocağının qırağında öz gözaltısı ilə görüşür. Uzun qış köçlərində eşqə düşür. Yaxınlaşma öz uğurunu burda qazanır. Tayfalar ayrılanda isə o öz hökmünü verməlidir. Gözaltısını ya tayfasından alır, ya da sadəcə götürüb qaçır. Heç birini etmək istəmədikdə də qəmli bir məhəbbət şeiri, qəsidə qoşur, öz tayfası ilə yoluna davam edir. Elə hallar da olur ki, cəsur bədəvi qızının özü sevdiyi oğlanı götürüb doğma tayfasına gətirir. Bu, kişisi az olan tayfalarda baş verir.
Bədəvilərin ailə qurması da sonsuz qanunlara tabedir. Normal düyünlə yanaşı orda müvəqqəti düyün, siğə deyilən bir şey də var. Bir illiyinə, yaxud bir neçə aylığına ailə qururlar. Bu, qadın üçün heç də həqarət sayılmır. Bir neçə aylığına qonşunun çadırına köçməyə hər ata qızına icazə verir. Müvəqqəti kəbin – həyatı rövnəqləndirir.
Bədəvilərdə boşanma mürəkkəb qanunlarla ağırlaşdırılmır. Kişi arvadından doyubsa, onu tam izzətlə atası evinə yola salır. Bununla heç də onun qadın ləyaqətinə toxunulmur. Həyatının əsas amalını uşaq törətmək olan insanlarda erotika çox da fəci qəbul edilmir. Qədim çağlarda köçərilərdə hətta çoxərlilik də olub. Evlənmə eşqinə düşən kişi atası yüksək başlıq tələb edən el gözəlini ortaqlı almaq üçün bir ittifaq qururdu. Evlənmə baş tuturdu ki, burada da hər ərin çəliyi olurdu. O, istənilən vaxt özünün ondabir arvadının çadırına girə və ürəyi istədiyi qədər orda qala bilərdi. Çəliyini də qapının ağzına qoyardı ki, digər ərlər onu narahat etməsinlər.
Bunun əsasını bədəvinin yüksək real düşüncəsi qoymuşdur: on ondabirlə pis münasibətdənsə bir ondabirlə yaxşı münasibət. Bu qəbildən olan kəbinlərdə atalıq məsələsini aydınlaşdırmaq üçün mütəxəssislər cəlb olunurdu. Hər kəsin can-başla ata olmaq istədiyi səhrada atalıq hüququnun müəyyənləşməsi yüksək dərəcədə inkişaf etmiş bir elmdir. Romantik sevgiyə ərəb nə qədər meyl göstərsə də, onun ailə qurmasının anlamı və amacını yalnız və yalnız dünyaya uşaq gətirmək təşkil edir.
Bu baxımdan da başqa şeylərlə yanaşı aşağıdakı yaranıb ki, o da eyni zamanda tam ədəbli sayılır: əgər bədəviyə uşaq nəsib olmayıbsa, o, tayfasının içində göz gəzdirir və sağlam nəsil törədə bilən güclü bir kişi tapır. Onunla sövdələşir. Seçdiyi adam bir qayda olaraq ondan iki dəvə, beş qoyun alır və əvəzində sonsuz kişinin arvadına uşaq doğmaqda əl tutur. Eyni zamanda bunu da razılaşdırırlar ki, yandantutma törədici heç zaman uşağa atalıq hüququna malik deyildir. Uşaq qanuni ərinki olur.
Uşaq tayfanın sərvəti və qüdrəti deməkdir, amma o, oğlan olmalıdır. Oğlanlar gələcəyin döyüşçüləri və kahinləridir, tayfa qız istəmir, qız yükdür. Qızlar müharibə apara, elin qoyun-keçisini güdə və yeni otlaq sahələri ələ keçirə bilmirlər. Köçərinin dəyəsində qız doğulursa, ona Allahın cəzası kimi baxırlar. Çoxlu qız doğulanda bədəvi sadəcə olaraq buna qəddar bir əlac tapır. Amansız bir səhra adəti artıq qızları diri-diri torpağa basdırmağa icazə verir ki, onlar tayfaya yük olmasınlar və oğlanın payına düşən ana südünü əmib tükətməsinlər. Bu, səhranın sadəlövh yevgenikasıdır[7 - Yevgenika yun. yaxşı soydan, kübar doğulan deməkdir. İnsanın irsi sağlamlığından və onun yaxşılaşdırılması yollarından bəhs edən nəzəriyyə. Onun prinsipləri ilk dəfə ingilis psixoloqu və antropoloqu Frensis Qalton (1822-1911) tərəfındən 1869-cu ildə irəli sürülmüşdür və gələcək nəslin irsi keyfıyyətlərini yaxşılaşdıran təsirlərin öyrənilməsinə yönəlmişdir.].
Oğlanlar və kişilər səhranın sərvətidir. Kişi dünyasını dəyişəndə tayfa kasıblaşır. O, başqa tayfadan birisi tərəfindən qətlə yetirilirsə, qatil də ölməlidir ki, tayfalar arasındakı təbii tarazlıq pozulmasın. Buradan da ərəb qan qisasının, səhranın ən ali qanununun mürəkkəb qanunu meydana gəlir.
Şərqli olmayan hər kəs qan qisasını qəddar intiqamın heyvani qanunu, cahilin primitiv ehtirası hesab edir. Şərqli olmayan yanılır. Qan qisası qanunu Avropanın əksər qanunlarından xeyli mürəkkəb və daha hərtərəflidir. Qan qisası ani həyəcandan törədilmir, saysız qaydalara söykənir və şərtlərlə tənzimlənir ki, bədəvi də onları hələ körpəlikdən öz sadə beynində hifz etməlidir. İşıq altında baxıldıqda ərəbin üzdəniraq qan qisası əslində anarxiyanın, hamının hamıya qarşı savaşının qabağını alan yeganə səngərdir. Məhz qan qisası hədələyərək tayfaların başı üstündə pərvazlandığına görə çox vaxt səhrada barış hökm sürür. Barışı ərsəyə gətirən də əslində qisasdan qorxudur. Ailə üzvünün, döyüşçünün birinin itkisi tayfanı zəiflədir, boşluq yaradır və rəqib tayfanı gücləndirir. Qatil qətli bilərəkdənmi etmək istəyib, yoxsa qətl təsadüfimi olub, bunun əhəmiyyəti yoxdur.
Günah və cinayət anlayışları qədim bədəvilərə yad idi. Onların bildikləri təkcə ziyan idi ki, onun da yeri doldurulmalıydı; qan davası da əslində ziyanı şərqsayağı ödəməkdən başqa bir şey deyil. Ona görə də, məsələn, çox məntiqidir ki, qan davası yalnız yad tayfanın üzvlərinə şamil edilir. Qətlin özü yox, vurulan zərər cəzaya layiqdir. Buna görə də tayfaiçi qətldə qatilin özünə də zərər dəyər; çünki onun özünün bir qan qohumu azalır. Bu halda qatili cəzalandırmaq istədiyin təqdirdə növbəti tayfa üzvünün itkisi ilə tayfanın gücünü zəiflətmiş olardın. Deməli, tayfaiçi qan qisası özü özlüyündə bir ziddiyyətdir.
Qan davasına səbəb heç də həmişə qətl olmur. Oğurluq, hətta təhqir də, yəni istənilən maddi, yaxud mənəvi zərər qan davasını çəkib gətirə bilər. O, qədim adətlərlə aparılır və əsasən tayfaların döyüş yürüşlərindən, qarşılıqlı davasından və qılınclaşmasından ibarət olur. Bu savaşlar keçmiş tarazlıq bərpa olunana, yəni sonsuzluğa qədər rəsmən davam edir. Qan düşmənçiliyinə gətirib çıxaran səbəblərsə onların nəticələri ilə müqayisədə heyrətamiz dərəcədə mənasızdır.
Məsələn, aşağıdakı səbəb iki qüdrətli tayfa arasında gedən onillərlə müharibəyə qığılcım oldu. Qulaib adlı möhtərəm bir şeyx günlərin birində tayfasının yerləşdiyi otlaqda gəzirdi. Birdən gözünə təzəcə yumurtalamış və həmin yumurtaları qorxa-qorxa qoruyan bir torağay sataşdı. Qulaib ürəyiyumşaq adam idi və dedi:
– Qorxma, torağay, mən, şeyx Qulaib söz verirəm ki, sənə heç nə olmayacaq.
Bunu deyib yoluna düzəldi. Aradan bir saat keçmiş qonşu tayfanın adlı-sanlı şeyxi Caisas dəvə üstündə həmin yerdən keçirdi. O, torağayı görmədi və dəvəsi yumurtaları ayaqladı. Bir gün sonra Qulaib səhradan keçəndə əzilmiş yumurtalar birdən gözünə sataşdı. Hirsindən bütün düşərgələri dolaşıb gördü ki, Caisasın dəvəsinin ayaqları yumurta sarısına bulaşıb. Bu bədəməlin kimliyini indi bildi. Caisası aradı və iş elə gətirdi ki, o, Qulaibə məhz arxasını çevirdi. Caisasın qənşərinə keçməyi Qulaib şəninə sığışdırmadı. Hər yetənə üz çevirməyi də Caisas şəninə sığışdırmadı.
– Çevril, yoxsa öldürərəm səni, Qulaib bağırdı.
– Yaxın gəl! – Caisas qışqırdı.
Qarşılıqlı təşəxxüsün nəticəsi hər iki şeyxin ölümü oldu ki, bundan sonra, necə deyərlər, onilliklərin düşmənçiliyi başladı.
Demək olar, hər ərəb tayfasının qan düşməni var ki, onun da o, mütləq axırına çıxmalıdır. Demək olar, hər ərəb ömrü boyu qan düşməninin izindədir. Buna görə də bədəvinin həyatı daimi mübarizə olmalıdır, təkcə təbiətə qarşı yox, həm də insanlara qarşı. Bununla belə, səhranın özünün barış qanunları da var. Hər kəs onları qeydsiz-şərtsiz yerinə yetirməlidir. Bu qanunlar lap qədimlərdən gəlir, onların tarixini bilən yoxdur, amma hər kəs onlara Tanrı buyruğu kimi əməl edir. Zira ümumilik üçün yaradılmış bu tayfaüst qanunları pozmaq çox dəhşətli nəticələrə, səhra sürgünlüyünə səbəb olur. Belə bir pozuntudan bədəvi ürpənişlə, ikrahla danışır. Heç kim cani, yaxud onun tayfası ilə əlaqəyə girmək istəmir; onlarla ünsiyyətdən qaçır və imkanca onlardan yan ötmək istəyirlər.
Nə qanunlardır bu? Onlar səhranın unudulmuş, ümumi ulu konstitusiyasının qalıqları kimi bir şeydir. Çox şey tələb olunmur, amma hökm səhradakı həyat üçün pozulmazdır. Məsələn, ən qızğın döyüşlərdə, müharibədə, hətta qan intiqamının gözləri pərdələdiyi məqamlarda belə, düşmənin xurma ağaclarını qırmaq, yaxud onun su qaynaqlarını məhv etmək yasaqdır. Xurma və su qaynaqları, bir növ, müqəddəsdirlər. Onlar hamıya, bugün bir tayfaya, sabahsa bir başqasına xidmət edir. Onları korlayan lənətlənir. Bu işi tutan kəs insanlıqdan çıxır. Çölün vəhşisinə çevrilir ki, onu da gərək rast gələn kimi öldürəsən.
Qonaqpərvərlik də bu qanunlar sırasındadır. Əgər qan düşməni köçərinin böyük oğlunu öldürüb uşağın kəsilmiş başı ilə onun atasının çadırına gələrsə, ata hətta onda da qonağa öncə qoyun əti və qoyun südü təklif etməli, itaətlə onun qulluğunda durmalı və gəlişi ilə ailəni şərəfləndirdiyinə görə qonağına ürəkdən təşəkkür etməlidir. Səhra qanununun hökmü belədir.
Bədəvinin yaşayışını dözümlü etmək üçün təkcə bu qanunlar hər halda yetərli olmazdı. Çapqınçılıq və maldarlıq köçərinin bütün ehtiyaclarını ödəmir. O, hərdənbir bütün tayfaların toplaşdığı illik bazara, uzaq-uzaq səfərlərə çıxmalıdır ki, dərisini, dəvəsini və qoyunlarını ordakı tacirlərin silahına, parçasına və digər ehtiyaclara dəyişdirsin. Bəs qan düşmənçiliyində boğulan bu qədər tayfa necə bir araya gələ bilir? Burda da səhra qanunu köməyə yetir. İlin dörd ayını ərəblər müqəddəs aylar elan ediblər. Həmin dörd ayın içində heç bir müharibə aparıla bilməz, qan düşmənlərinin də bir-birinə hücum çəkməyə ixtiyarı yoxdur. Həmin aylar səhrada dinclik hökm sürür. Xalq qorxusuz-hürküsüz illik bazara yollanır. Oxuyub-oynayırlar, qan düşmənləri yan-yana otururlar, ilin dörd ayını barış içində keçirməyə imkan yaradan allahları mədh edirlər.
Amma bu allahlar ürəkdən həmd olunmur. Elə bir məsələ yoxdur ki, bədəvi ona dinə göstərdiyi etinasızlıqdan az etinasız olsun. Məsələn, dəvəsinin yerişi onun üçün dinin bütün problemlərindən daha önəmlidir. Altıncı əsrin bədəvi ərəbi, əslinə qalsa, ona din kimi təqdim olunan hər şeyə inanır. Ciddi şəkildə isə heç nəyə inanmır. Ulduzları görür, onları allah sayır. Qarşısındakı sonsuz, dümdüz səhranı görüb ehtiramla baş əyir, çünki səhra əzəmətlidir. Odu görür, eyni zamanda ona səcdə edir, çünki farslar da belə edirlər və onlar böyük xalqdır.
Altıncı əsrin ərəbi Avropa timsallı dinin nə olduğunu bilmirdi.
Doğrudur, səhranın əzəmətli görünüşü ona hər şeyə hakim kəsilmiş ilahiliyin yüngül bir işartısından xəbər verirdi. Elə qonşuların, xristian və yəhudilərin dini də bunu öyrədir. Bəzi tayfalar hətta iudizmə və xristianlığa keçdilər. Fəqət böyük illahlığı bədəvi çox nadir hallarda yada salırdı. Bir parça daş, yaxud kobud yonulmuş bir heykəl ona daha doğma idi ki, onları da tayfası özü ilə gəzdirirdi. Bu daş – heç bir iddia, heç bir hökm olmadan – ailə ehtiyacı üçün səcdəgahdır. Hər tayfanın öz tayfa allahı, tayfa daşı var. Daş tayfanı müşayiət edir, səhranın primitiv dini ehtiyaclarını ödəyir. Əgər o, nəyisə bacarmırsa, onda baxıcılar, ocaqlar və ovsunçular köməyə gəlir. Onda səhranın əcinnələr dünyasına üz tutulur. Səhranın sadə övladı öz dinindən çox razıdır, bu din heç bir əvəz istəmədən kömək edir.
Ərəblər tayfalara parçalanırlar. Bu tayfalar özlərini xalq, dövlət gözündə görürlər və hər hansı digər tayfaya, xalqa və dövlətə lap ilkinlikdən düşmən gözü ilə baxırlar. Hər tayfanın özünün allahı, keçmişi və adət-ənənəsi var. Birlik Ərəbistan tayfalarına yaddır, onlar üçün ümumiyyətlə ərəb xalqı yoxdur.
Amma hər halda həmişə belə olmayıb. Dəqiq bilən yoxdur, ancaq bəlkə də altıncı əsr ərəblərinin adətləri, yaşayışı və qanunları bir vaxt çiçəklənməkdə olan mədəniyyətin miskin qalıqlarıdır. Bəlkə ərəblər haçansa zəngin və qüdrətli olublar, öz dövlətləri, tərəqqi tapmış şəhərləri, yazılı qanunları və sabit dinləri olub. Bəlkə bunların hamısı tənəzzülə uğrayıb, külək onları sovurub aparıb və zamanın burulğanından keçib gələn adətlər, anlaşılmaz ənənələr indi xalqın şüurunda yaşamaqda davam edirdi. Bəlkə də. Bunu dəqiq bilən yoxdur.
Amma orası bilinir ki, bu xalq haçansa çox böyük işlər görmüşdür. Şərqin böyük ticarət yolu hələ Ərəbistandan keçəndə, Hiram şah[8 - Hiram – e.ə. 969-936-cı illərdə Tirin fınikiyalı padşahı.], Süleyman şah öz karvanlarını nağıllar ölkəsi Ofirə[9 - Ofir – ölkə adı. Süleyman peyğəmbər burdan gəmi ilə daş-qaş və qızıl gətirtdirərmiş. Onun yerini Hindistan və Elamda, Şərqi və Cənubi Afrikada, Ərəbistanda axtarırlar.] göndərəndə ərəb xalqı zəngin və qüdrətli idi. O vaxt cənubda yəhudi hökmdarına yüzəlli sentner[10 - Almaniyada 50 kq.-a bərabər qeyri-rəsmi ölçü vahidi.] qızıl hədiyyə gətirmiş Sabanın[11 - Saba – qədim cənubi-ərəb səltənəti, paytaxtı bugünkü Yəməndə Mərib şəhəri.] məşhur xanımhökmdarı Bilgiz Makeda hökmdarlıq edirdi. Şimalda Nəbatilər[12 - Nəbatilər – qədim dövrlərdə qüdrətli şimali-qərb ərəb tayfası, e.ə. 5-4-cü əsrlərdə edomluların ərazisində oturaqlaşıblar. Nəbatilər dövləti eramızın 106-cı ilində süqut etmişdir.] dövləti özünün çiçəklənmə dövrünü yaşayırdı. Qızıl məmləkəti Midian[13 - Midian – Səudiyyə Ərəbistanında Hicazın şimal səmtində məmləkət. Qədimdə zəngin qızıl və gümüş ehtiyatına malik olub.] da ad çıxarmışdı. Amma bu ölkələrdən bizə çox şey gəlib çatmayıb. Onlar mövcud olublar. Çiçəkləniblər və yoxa çıxıblar, səhranın qumunda qərq olublar. Roma çağlarında da Ərəbistan birgə, böyük yüksəlişə qabil olub. Palmira səltənəti[14 - Palmira – ərəbcə yeni adları Tudmur, Tadmor, Tadmur. Suriya səhrasının şimalında qədimdə ölkə, indi həm də şəhər.] az qala bütün Ərəbistanı Romaya qarşı döyüşdə birləşdirmişdi. Ərəbistan qoşunlarına o vaxt bir qadın başçılıq edirdi, sonralar qalib düşmənin yürüşünü zəncirdə bəzəyən heyrətamiz kraliça Zenobia.
Amma bunların hamısı keçmişdir.
İndi, altıncı əsrdə, keçmişdəkilər səhra qumunun altında dəfn olunmuşdur. Daha Ərəbistan xalqları arasında birlik yoxdur, heç yerdə müstəqil dövlət tapmaq mümkün deyil, nə bir zamanlar «Surlu Ərəbistan» olmuş cənubda, nə də şimalın qızıl sahili Midianda. Yalnız lap şimalda, nəhəng sahillərin Bizans və İranla kəsişdiyi sınırlarda oçağkı dünyanın böyük dövlətləri öz sələfləri kimi bufer dövlətləri yaratmışdılar. Ərəblərin yeganə dövlət qurumu indi Bizansın Transiordaniyadakı bac torpağı Kəssanilər[15 - Kəssanilər (digər qaynaqlarda: qəssanlar) – Şimali Suriyada ərəb zadəgan soyu. Cənubi ərəb tayfası Kəssanın adı ilə adlanıb. 5-ci əsrin sonunda Dəməşqin cənub-şərqində məskunlaşıb və monofızit xristianlığı qəbul edib.] məmləkəti və İraqda İranın bac torpağı Ləxmənilər[16 - Ləxmənilər – ərəb zadəgan soyu. 4-cü əsrdən 602-ci ilə qədər Sasanilərin himayəsi altında cənub sınırlarını qoruyurdular. Paytaxtları Kufənin (İraq) cənubunda Hirə şəhəri.] məmləkəti idi.
Səhralarda, amansızlıq və cahillik içində isə azad ərəb xalqı yaşayırdı. Tayfalar bir-birilərinə hücum çəkirdilər, qan düşmənçiliyi ölkəni sarsıdırdı. Bir tayfa digərinə nifrət bəsləyir, onu silib yox edir, lakin xurmalarına, quyularına toxunmurdu və heç kimə boyun əyməyən, dövlətə ehtiyac duymayan, yalnız öz tayfasına tabe olub onun üçün döyüşə gedən, dünyaya uşaq gətirən, həm də bütlərə sitayiş edən bədəvinin, səhra insanının azad həyatını tərənnüm edirdi.
Samilər arasında ən gəncləri – ərəblər belə yaşayırdılar. Musa və İsa samilərdən törəmişdilər. İndi də İraqla Misir arasındakı böyük səhrada samilərin gənc xalqı ərəblərdən bir peyğəmbər doğuldu – Muhəmməd, Allahın Rəsulu (s.ə.)[17 - (s.ə.) – bundan sonra hər yerdə tərcüməçinin əlavəsidir və yalnız müəllif mətnində istifadə olunur. Müəllif mətnində qoyulmursa, deməli, bu fikir kafirlərə, münafiqlərə, yaxud yəhudilərə aiddir.].
OXUYAN SƏHRA
İçində küləklər oynayan dəyəm mənə ən möhtəşəm saraydan da xoşdur.
Um Yəzid, VI xəlifənin anası
Nə dövlət, nə də təhəddüd tanıyan həmin bədəvilər ümumiyyətlə vahid bir xalq idilərmi? Onları birləşdirən nəydi? Bir-birini didən bu saysız tayfaları vahid bir xalq gözündə görməyə səbəb olan nəydi?
Qədim bir ərəb şeiri bunları belə cavablayır:
«Allah ərəbə dörd armağan göndərdi. Öncə sadə səhra çalmasını ki, o, ərəbə tacdan da yaxşı yaraşır, sonra saraydan çox-çox rahat olan dəyəni, daha sonra qılıncı ki, o, ərəbi ən uca hasardan da yaxşı qoruyur. Göylərin dördüncü və ən uca hədiyyəsi isə azad nəğmə qoşmağın gözəl sənətidir. Ərəbin ən dəyərli sərvəti budur».
Bu cavab bəlkə də qəribə görünə bilər, amma doğrudur. Cahil ərəb tayfalarının vəhdəti ərəb sözünün, ərəb nəğməsinin gücünə söykənir.
Nəğmə səhraya hakimdir. Bugünün özündə də ikinci elə bir xalq yoxdur ki, sözün gözəlliyinə, lirik duyğuya ərəblər kimi aludə olsunlar. Bu sahədə səhra xalqının eşidilməmiş zənginliyə malik bir dili var. Digər xalqlar üçün arxitektura, rəssamlıq və musiqi nədirsə, ərəb üçün onun dili də odur.
Ərəb öz dilinin incəliklərinə bələddir. O, dəvənin, yaxud qılıncın yüz adının yüzünü də bilir, ən ağır məcazi söz birləşmələrini sevə-sevə işlədir və bu cür zəngin dili olmayan miskin xalqlara ürəkdən nifrət bəsləyir. Ərəb qısqanc bir dəqiqliklə öz dilinin təmizliyini qorumağın qeydinə qalır. Lap körpəlikdən ərəb balası gözəl söz sənətinə alışdırılır. Yanlış dil ifadəsinə görə sadə bədəvi qadın öz uşaqlarını döyür. Çünki söz müqəddəsdir, bütün ərəbləri birləşdirir və onları bir xalq edir.
Ərəbə ağalıq etmək istəyən öncə söz ustadı olmalıdır. Hər ərəb tayfasının qonşu tayfanın çətin başa düşdüyü dialekti olsa da, bütün dialektlərin tacı səhra şeriyyətinin dili, ayrı-ayrı tayfaların özünü ərəb saymaq istəyən hər bir üzvünün bilməli olduğu ərəb ədəbi dilidir. Bu dil ərəb şeiriyyətinin dilidir və ərəb öz şeiriyyətini çalmadan, qılıncdan, dəyədən də çox sevir. İstisnasız hər ərəb şer qoşa bilir və ədəbiyyat məsələlərinə hamının böyük marağı var. Bugünkü insan üçün idman, siyasət, qəzet nədirsə, poeziya da ərəb üçün o idi. O, gözəllik duyğusunun, ictimai fıkrin, siyasi xəbərlərin ifadəsi idi və məzmunca ərəbi maraqlandıran hər şeylə məşğul olurdu.
Hər ərəb şeir qoşur. Səhrada, dümdüz çöl boyu kimsəsiz yolda dəvənin hörgücündə saatlar yeknəsək və mənasız ötür. Ərəb, dəvəsinin belindədir. Heyvan səhrada aram addımlarla yeriyir. Tənha qalmamaq, yuxuya dalmamaq, səhranın dəhşətini unutmaq üçün ərəb, qarşısında uzanan səhranı, belində getdiyi dəvəni, önündə sonsuzluğa açılan səmanı və öz gücünü tərənnüm etməyə başlayır. Əvvəlcə ağır-ağır, aram-aram danışır, sərbəst, rabitəsiz. Getdikcə nitqi qəlibə düşür, rabitəli olur və dəvə löhrəminin aramlı ritmini təkrarlayır. Dəvə löhrəminin təqtində bədəvi lirikası gəlişir və ərəblərin mürəkkəb şeir vəznlərinin hamısı, əslinə baxsan, sonsuz səhradakı dəvə löhrəminin variantlarından başqa bir şey deyildir.
Şeiriyyətə və sözün gözəlliyinə ərəb böyük əhəmiyyət verir. Söz ovsundur, əzəmətdir; ona hakim olan cəngavərdən də güclüdür. Əsl şair sözlə möcüzələr yarada bilər, xəstəlikləri sağaldar, yaxud kimləri isə dərdə sala bilər. Hətta bunlar ona müyəssər olmasa belə, onun gücü itmir. Bəzən hansısa şairin düşərli bir hənəyi ərəbin şan-şöhrətinin bütün səhra tayfaları arasında torpağa gömülməsinə yetərli olur. Şairin hənəyi igidin qılıncından daha qorxuludur.
Hər tayfanın öz şairi var ki, o da həmin tayfa üçün döyüşə gedir. Vuruşdan qabaq hər iki tayfanın şairi qabağa çıxır, nəğmələrlə öz tayfasını tərənnüm edib rəqibə taxınır. Ərəblər ləyaqətlə dinləyirlər. Elə də olur ki, şairi bağlanan tayfa ümumiyyətlə əlini silaha atıb döyüşə girmədən meydandan kipkirmiş çəkilir. Zira nəğmə heç nəyə yaramayan yerdə qılıncın nə xeyri?
Şair deyişmələri səhranın ən böyük hadisəsi olurdu. Mükafatlandırılmış şairə eşidilməmiş izzət göstərilirdi. Onun nəğməsi iri qızıl hərflərlə qara parçalara toxunub bütlər məbədinin girəcəyindən asılırdı.
Ərəb şairi nadir hallarda oxuyub yaza bilir. Şeirlərini bədahətən deyir. Yaxşıdırsa, dinləyici yadında saxlayır. Şerlər nə qədər çox yadda qalırsa, şairin şöhrəti bir o qədər artır. Şair səhrada hər şey deməkdir və gözəl natiqlik vergisi kimə nəsib olmayıbsa, o heç vaxt səhrada hökmranlıq edə bilməz. Yalnız ovsunlu ifadənin gücü ilə xalqı dartıb aparan, rəqibini həcvlə məhv edən kəs xalqın rəhbəri ola bilər, elə bir xalqın ki, şeriyyət onun üçün yeni çağın qəzetini, fılmini və kitabını əvəz edir. Səhranın qulağı şairliyi ilə bərabər həm də əsl cəngavər olan şairdədir.
Bədəvi lirikasını sevgi, qan qisası, romantik döyüşlər, tayfa vüqarı və səhra həyatının, dəvənin, atın saysız tərənnümləri zənginləşdirir. Fəqət təkcə ərəbin özünün başa düşdüyü bu heyrətamiz nəğmələrdən də ən vacibi bədəvi idealını daha yaxşı əks etdirən romantik taleli və macəralı şairin özüdür.
Ən məşhur qədim ərəb şairlərindən biri Tarafa adı ilə tanınan Əmir ibn Əbdülbəkri olmuşdur. O, Kəssanilər səltənətində, Hirənin[18 - Hirə (əl-Hirə) – İraqda qədim şəhər. 3-cü əsrdən sonra ləxmənilərin paytaxtı, onların rəhbərliyi altında xristianlığın mərkəzinə çevrildi. İslam ordusu şəhəri fəth etdikdən sonra tənəzzülə uğradı. Qazıntı işlərinə 1931-ci ildə başlanıldı.] şah sarayında yaşayırdı. Hirədə şərab və qadın işrəti, xüsusilə də onun üçün hər şeydən vacib olan dəvəsi haqqında şeirlər qoşurdu. Tarafa həcv ustası idi; şərabı, qadını və Tanrını həcv edirdi. Padşah da ləzzətlə gülümsəyirdi. Günlərin birində Tarafa padşahın özünə də bir həcv qoşdu. Padşah gülümsəməyini tərgitdi. Üz-gözündən zəhər yağdı, şəxsiyyəti təhqir olunduğuna görə layiqli cəza aramağa başladı. Axırda bu sırtıq şairi öldürməyi qərara aldı. Amma Tanrının mərhəmət göstərdiyi şairi edam etmək olmaz. Şair qanı o qədər müqəddəsdir ki, onu cəllad tökə bilməz. Hətta padşah da şairə açıq-aşkar ölüm cəzası kəsməyə ürək eləməz. Ona görə də Tarafanı çağırıb ona bir məktub verdi və dedi:
– Bu məktubu Bəhreyndəki valimə çatdır. Sənə orda çoxlu mükafat veriləcək və böyük şərəfə çatacaqsan.
Tarafa şair idi, oxuya bilmirdi. Məktubu alıb səhraya üz tutdu. Yolda çox bilikli bir insana rast gəldi, elə insana ki, onun biliyi hətta yazılı sözü oxumağa da çatırdı. Bu müdrik insan məktubu oxudu, zira o vaxt məktub açmaq qadağası yox idi. O dedi:
– Aman, Tarafa, Bəhreynə getmə, məktubda yazılıb ki, qoşduğun həcvə görə vali orda səni diri-diri basdırsın. Odur ki, məktubu cır, at çaya.
Şair Tarafa cavabında dedi:
«Oxumaq böyük peşə, yazmaq isə – bir sənət,
Yazılan olmamalı çaylara, suya qismət.
Zaman gələr, oxunar, zaman gələr, yazılar,
Tarafanın şeirləri kəsb eyləyər bir vüsət.
İstəmirəm, yazılan şey mənim ucbatımdan məhv olsun. Yazılanı yox etməkdənsə, ölümü üstün tuturam».
Yoluna davam etdi və yazı sənətinin xatirinə məşəqqətli bir ölümlə ömrünü başa vurdu.
Abbas tayfasından olan və zənci qadından doğulmuş, yalnız böyük igidlikləri sayəsində atasından bəyaz qardaşları ilə bərabərlik hüququ almış şair Əntərə ibn Səddadın həyatı daha romantikdir. Lakin qazanılmış bərabərliyə baxmayaraq bəyaz ərəb tayfaları qaravaşın qara oğlunu məsxərəyə qoyurdular. Əntərə isə bir qayda olaraq deyirdi:
– Qəlbim bəyaz insandaşlarımın bədəninə bənzəyir, bədənim isə onların qəlbinə. – Bu hənəyi başa düşməyənlərə isə əlavə edirdi. – Bir param doğuluşdan pakdır, digər paramı isə qılınc örtür.
Əntərə ömrü boyu bədxahlarına qarşı mübarizə aparır, dostunu-düşmənini armağanlayır, şeirlərini isə ağ dəvəsinin yeriş təqtinə uyğun qoşurdu. Şeirlərinin xatirinə ərəblər Əntərəyə rəğbət bəsləyirdilər. Dostluqlarını, sevgilərini isə qaravaşın siyah oğlundan qızırğalanırdılar.
Hər kəsin, hətta tanımadığı adamın da könlündən keçəni ona bağışlamaq və yalnız qılıncla qazandığını özünün şəxsi malı saymaq Əntərədə bir xasiyyət idi. Baxmayaraq ərəblər Əntərəni sevmirdilər, cəsurluğuna, ağlına və şuxluğuna görə ona Əntərə əl-Haki, Surlu[19 - Surlu- dilimizə keçmiş yad mənşəli xoşbəxt sözünün yerində işlənir. Kaşğari öz lüğətində sur etimonunun tale, bəxt anlamında olduğunu qeyd edir. Azərbaycan alxışı «Surun yerisin»dəki sur sözü də bəxt, tale anlamında işlənir.] Əntərə adını verməyi qət etdilər. Ancaq Əntərə razı olmadı.
– Düşmənliyəm, dedi, onu tapıb öldürməmiş özümü surlu saya bilmərəm.
– Onda tez öldür, – camaat dilləndi, çünki sənə Surlu Əntərə deməkdən ötrü darıxmışıq.
Əntərə düşmənini çox aradı. Gecə-gündüz səhranı dolaşdı, qabağına çıxanı sorğu-suala tutdu, qisasa yol açmaq üçün allahlara yalvardı. Ancaq qorxaq düşmən gizlənməyi bacarırdı. Buna görə də Əntərə ona «Qaçarğı Sur» adını qoydu. Əntərənin allahları axırda rəhmə gəldilər və səhranın tükənəcəyində düşmənini ona göstərdilər. Əntərə sevincdən titrədi: «Axır ki, həsrətimə son qoyulur», düşünüb döyüşə hazırlaşmağa başladı. Düşməni də onu tanımışdı və öz qurtuluşunu o, qorxaqların yeganə xilasında tapdı: qaçışda. Amma Əntərənin dəvəsi güclü idi. O özünü bu qaçarğıya yetirdi, Əntərə nizəsini düşmənin başı üstündə tovladı. Elə bu vaxt düşməni üzünü çevirib ləlidi:
– Ya Əntərə, yaraqlarını mənə bağışla.
Əntərə də ləlirtiyə duruş gətirə bilmədi, silahlarını düşmənin ayaqları altına atıb uzaqlaşdı ki, «Qaçarğı Sur» onu öz yarağı ilə öldürməsin.
Bədəvilər bu olaydan xəbər tutanda bir hissəsi Əntərədən yaxa qurtarmaq üçün əl atdığı bicliyə görə düşməni təriflədi, əksəriyyət isə bəyaz qəlbli siyah kişinin üstünə güldü. Amma bayram ayı yetişəndə Ərəbistan qadınları iri, qara bir örtük toxudular, Ərəbistan üləmaları isə onun üstündə qızıl hərflərlə gülərüz şair Əntərənin adını yazdılar. İgidlərə də əmr etdilər ki, həmin örtüyü illahlar məbədi Müqəddəs Kəəbənin qapısından assınlar. O çağdan Əntərə adı Əntərə Məcnun oldu ki, bu da qədim xalqların dilində Şair Əntərə ilə eyni anlama gəlir.
Bu və bunabənzər olayları səhrada çox danışırdılar. Onların hamısı dünya ilə çarpışan və ona öz nəğmələrinin gücü ilə qalib gələn cəsur şairlərdən bəhs edir. Onlar ərəb ləyaqətinin mayasını təşkil edirdilər.
Həmin şairlər arasında ən görkəmlisi, ən dahisi isə şah oğlu İmruulqeys ibn Hicr olmuşdur. İmruulqeys macəralı bir həyat sürürdü. Ağlını azıb şairlik etdiyinə görə atası ondan üz döndərdi, o da dostları ilə səhraya üz tutdu. Orada nəğmələr qoşub qadınların mərhəmətini qazandı. Atası Bənu Əsəd tayfası tərəfindən öldürüləndə və İmruulqeysin qardaşlarından heç biri bu qətlin qisasını almaq istəməyəndə isə həmin didərgin oğul həyatını atasının intiqamına həsr etməyi qərara aldı. Onillər ərzində dinclik bilmədən səhranı dolaşdı, Bənu Əsəd tayfasına qalib gəlib axırda yəhudi Səmuelin əfsanəvi qəsrində gizləndi, sonradan da Bizans kralının sarayına gəldi. Orda yüksək hörmət qazanıb Fələstinin valisi təyin edildi. Axırda da kralın qardaşı qızını yoldan çıxartdığına görə Ankirada[20 - Ankira (alman mənbələrində: Ankyra, Ancyra, Anqora) – Ankaranın qədim adı.] hökmdarın əli ilə zəhərlənib öldürüldü. Onun həyatı saysız, romantik əfsanələr üçün yetərincə material verir ki, həmin əfsanələrin mərkəzində də o özü və sadiq dostu Səmuel dayanırlar. «Səmuelə məxsus Ablaq qəsrində», əfsanələrdən biri belə söyləyir, «İmruulqeys özünün ən qiymətli şeylərini, onu yenilməyə qoymayan beş ədəd sinəbəndli köynək gizlədirdi. İmruulqeys Bizansa gedəndə Hirənin padşahı tələb etdi ki, yəhudi Səmuel İmruulqeysin zirehli köynəklərini ona versin. Amma Səmul əl-Vəfi (Sadiq) onları verməkdən imtina etdi və əfsanəvi döyüşlərdən sonra əzablı ölümün pəncəsində getdi. Bədəvilər Səmuellə İmruulqeysi bugünün özündə də unutmayıblar.»
İmruulqeys, Əntərə, Tarafa və bir çox digər cəngavər şairlər ərəblərin tarixini zənginləşdirirlər. Onlar qədim, romantik Ərəbistanın, bədəvilərin, dəyələrin, daş bütlərin və qan qisasının rəmzləridir. Ərəbistan kasıb idi və bəşəriyyət onu qulaqardına vururdu. Ərəbistan səhralıq, cahillik və yadlıq idi. Heç kəs ona rəhm etmək istəmir, heç kim ona məhəl qoymurdu. Yalnız bədəvi öz ölkəsini sevirdi, uşaq anasını sevdiyi kimi; səhra döyüşlərinin cəngavərlik mənzərəsini sevirdi, şair deyişmələrini və sərgərdan şairlərin saysız-hesabsız nəğmələrini sevirdi. Təəccüblü deyil ki, Allahın Rəsulu (s.ə.) ölkəyə bəxş ediləndə bəziləri onu adi bir şair sayırdı.
ƏRƏBİSTAN YÖRƏSİNDƏKİ DÜNYA
Eraclus vor do mit groteme here im Persyam He stret mit deme jungen koninge Cjstra unde Sloch ludes velehe veng oc viltich dusend unde Makede ltdich manegen ctistenen man
Sachsenchronik[21 - Herakl böyük bir qoşunla İrana daxil oldu, gənc padşah Xosrovla vuruşub çoxlu adam qırdı və əlli kübar qızı xristianlarla evləndirdi.Sakson xronikası]
600-cü illərdə dünyanın tarixini iki dövlət həll edirdi: İran və Bizans. Hər ikisi böyük, zəngin və qüdrətli idi. Hər ikisinin çox qədim keçmişi vardı və hər ikisi bir-birini didməyə heç vaxt ara vermirdi. Bizans Şərqi Roma səltənəti, imperiyanın və Pax[22 - Pax (oxunuşu: Paks) – rumların barış ilahəsi] Romana’nın varisi, İran isə bir vaxtlar bütün Asiyaya hakim kəsilmiş, sonra Böyük Makedoniyalının qılıncından yenilmiş, daha sonralar isə – Romanın dağılmasından sonra – yeni böyük dövlət kimi dünya tarixinə qədəm qoymuş əhəmənilərin varisi idi. Bizans və İran, Doğustan və Batıstan, xristianlıq və atəşpərəstlik – bir-birinə kökündən yad olan iki dünya, iki mədəniyyət, iki böyük dövlət üz-üzə dayanmışdılar. Onların arasında heç vaxt barış ola bilməzdi.
Bizans. Bosforda onun divarları ucalırdı, onların arxasında isə saraylar və kilsələr. Lakin hakimiyyəti bütün Kiçik Asiyaya, Suriyaya, Fələstinə, Misirə, İberiyaya, Şimali Afrikaya, Yunan Adalarına və Balkana qədər yayılırdı. Bizans qüdrətli idi, zəngin və vüqarlı. O, Romanın varisi idi. Amma sonrakı varis. Bir vaxtlar yenilmiş xalqlar hələ də orda yaşayırdılar, lakin səltənətdə Roma qanunu işləyirdi, kralın adı çəkiləndə hələ də əsim-əsim əsirdilər. Kral özü isə romalı deyildi, daha imperator da deyildi. Bosforun sahillərində, mərmər sarayların qalın divarları arxasında Romanın siması dəyişirdi. Ağır-ağır, amma dönmədən. Yeni imanla yeni bir aləm nüfuz edirdi və bu aləmin Roma ilə daha heç bir bağlılığı yox idi.
– Mən Roma kralıyam, romalıların hakimiyəm, Bizans hökmdarı belə deyirdi. Amma o, antik kral deyildi, ona düşən ölkə də antik ölkə deyildi. Romanın antik siması Bizansda doğusal sima kəsb edirdi və Şərq libasının altında tezliklə Roma qəlibi də itib-getdi.
Çeşidli mədəniyyət zəminində Bizans öz iqtidarını qurur. Kiçik Asiya, Misir və Roma hamısı Bizans taxt-tacı qarşısında diz çökdü. Taxt-tacın özü də möhkəm dayanmışdı, lakin onun üstündə möhkəm otura bilənlərin sayı çox deyildi. Bizans taxt-tacına qanunla sahib olan bir-iki krala bizanslılar porfirogennetos[23 - Porfirogennetos – Porphyr (yun.) + gen (yun.). Porphyr—qranitə oxşar qırmızımtıl vulkanik daş və gen – soy, nəsl. Deməli, «porfirogennotos» – porfir əslli.] deyirdilər. Bütün irqlər və xalqlar bu taxt-taca yetişdilər və Bizansın qvardiyası və qara camaatı hamısına bəh-bəh dedi. Çünki Şərqi Roma dünyasının, şərqi xristianlığın hökmdarını təyin edən də yad ölkə qvardiyası və əyləncəsevər qara camaat idi.
Həmin kralın hakimiyyəti sonsuz idi. Romadan o, qoşuna rəhbərliyin yüksək başarısını, hakimiyyəti altda olan şərq dünyasından isə zəhərləməyin, hiylənin, yalanın və satqınlığın daha böyük bacarığını əxz etmişdi. Bu son mirasın Bizansda qazandığı bir ad vardı: siyasət. Bizans ağı, yalan və satqınlıqla ağalıq edirdi, muzdur dəstələrin amansız gücü ilə qorunurdu. Zira Bizans çox şeyləri qorumalı olurdu və düşmənləri çox güclü idi.
Bizans şərqi xristianlığın mərkəziydi. Kral xristianlığın, Müqəddəs Məzarın[24 - Müqəddəs Məzar – İsa peyğəmbərin məzarı nəzərdə tutulur.] və təmiz imanın himayədarı idi. Bu təmiz, xristian imanının nə olduğunu Bizansda hər kəs bilirdi, amma hərə üçün onun bir mənası vardı. Saysız təriqətlər, onların mübarizəsi və qarşılıqlı nifrəti Bizansı laxladırdı. Bazarlarda, camaatın gur yerində və dükanlarda təriqətlər barədə mübahisələr aparılırdı, bugün siyasi partiyalar barədə aparılan mübahisələr kimi. Rəqibini məhv etmək üçün sadə bazar alverçisi incə dialektikanı tətbiq edirdi. Mücərrəd şeylərdən danışılırdı, mücərrəd mübahisələr də Şərqdə çox sevilir. Lakin mübahisələr sona yetəndə fikirlər çox konkret təzahür tapırdı, rəqiblər bir-birinə hücum çəkir, bir-birini öldürüb qarət edirdilər. Zira Şərq açıq döyüş oyununu mücərrəd mübahisədən üstün tutur.
Bizans ruhu getdikcə sovulurdu. Kimə o, dözülməz görünürdüsə, həmin adam Bosfor sahilindəki saraylarla, ağı verənlərlə, hiyləgər əyanlarla zəngin olan vüqarlı şəhərdən baş götürüb canına əzab vermək və ruhuna dinclik qazanmaq üçün səhraya üz tuturdu. Məsələn, Allaha itaətini bəyan etmək üçün Müqəddəs Simon[25 - Müqəddəs Simon – İsa peyğəmbərin qardaşı, qədim kilsə qaynaqlarına əsasən 62/63-cü ildə Yerusəlimin ruhanisi olub, 107-ci ildə işkəncə ilə öldürülüb.] düz yeddi il yerindən tərpənmədən ibadət edə-edə sütunlardan birinin üstündə məskən salıbmış, digərləri isə yarıya qədər torpağa gömülərək öz həyatlarını başa vurmağa üstünlük veriblərmiş, başqaları da özlərini zəncirlədirmiş. Elə insanlar da varmış ki, səhrada başlarına şəyird toplayıb yeni təriqətlər yaradırmışlar.
Şərq, təriqət bolluğu ilə xristianlığı saf-çürük edirdi. Təriqət hərcmərcliyi Bizansın mənəvi həyatını bütünləşdirirdi. Amma bu hərci-mərcilik hələ təhlükə demək deyildi. Təhlükə dışarıdan gəlirdi. Kralın qızıl taxt-tacına, saray zinətlərinə, zəngin şəhərlərə və torpaqlara çoxlu həris əllər uzanırdı, yad baxışlar iştahla Bizansa zillənirdi.
Qədim dünya məhvərindən çıxmışdı. Xalqlar hərəkətlənmişdilər. Balkanda, Qafqazın əzəmətli sipərinin arxasında, səltənətin boya-boy sınırlarında amansız köçərilər peyda olurdular. Bizans darvazaları bərk-bərk döyəclənirdi. İlbəil, ardı-arası kəsilmədən şərqi xristian səltənətini kral yad istiladan qorumalı olurdu. Bizansı dinc qoymayan əsas təhlükə isə zalim köçərilər, alanlar, şimalın hunları və slavyanları deyildilər. Əsas təhlükə, başlıca düşmən İran idi, Persiya idi, şahənşahın, böyük şahın, mömin fars Sasanilər sülaləsinin məmləkəti idi.
Müqəddəs İranı, əbədi odlar yurdunu, Hürmüzdün və Əhrimənin vətənini Avropa dünyası hələlik yaxşı tanımırdı. Bircə onu bilirdilər ki, İran Roma və Bizans imperiyasının qüdrətli şərq qonşusudur, onillər uzunu o, Roma ilə qanlı savaşlar aparıb, bəzən yenib, bəzən yenilib və xristian təsirinə heç vaxt məruz qalmayıb. Lakin böyük şərq ölkəsinin daxilində nələrin baş verdiyindən onlar xəbərsiz idilər.
O, böyük, gözəl və dinc bir ölkə idi. Bizans sərhədlərindən başlayıb düz Mərkəzi Asiyaya qədər, Fars körfəzinin sahilindən Qafqazın zirvələrinə qədər yayılıb-gedirdi. Bu yaşıl, dinc ölkə müqəddəs oda, Zərdüşt peyğəmbərə, Atropaten kahinlərinə və şahənşaha məxsus idi.
Yüzillər öncə Zərdüşt müqəddəs od dininin əsasını qoymuşdu. Şəyirdlərini başına yığıb bərəkətli İran məmləkətini qarış-qarış dolaşmışdı. Ayağı dəydiyi yerdə məbədlər yaranırdı, torpaqdan əbədi, müqəddəs alov püskürürdü, camaat diz çökürdü və kahinlər od allahının şərəfinə nəğmələr qoşurdular. Mısmırıqlı Xəzər dənizinin sahilində Atropaten torpağı, İranın bir əyaləti yerləşirdi. Zərdüşt özünə bu ölkəni seçdi. Müqəddəs odun saysız-hesabsız alovları həmin torpaqdan göylərə püskürürdü. Bu ölkə İranın müqəddəs torpağına çevrildi. Ölkəni kahinlər idarə edirdilər, müqəddəs oda sitayiş edib Xəzər dənizi sahilindən hökm verirdilər ki, Çin və Bizans arasındakı böyük ərazidə kim hökmran ola bilər. Qüdrət sahibi idilər kahinlər və onlara bol-bol zəka bəxş edilmişdi.
Uşaq yaşlarından taxta əyləşmiş Şapur şaha kahinlərin bəxş etdiyi hədiyyədən bəhs olunur. Həmin hədiyyə çovkən oyunu olub. Dəmir masanın üstündə süni çəmənlik düzəldilibmiş, balaca dəmir atlar masanın üstündə oyan-buyana qaçırlarmış. Mürəkkəb şəkildə bərkidilmiş bir qurğu topu tərpədirmiş, digər bir qurğu isə çəmənlikdəki süni atlara imkan yaradırmış ki, topu qovarkən süni şəkildə tələssinlər. Həmin hədiyyəni kahinlər kiçik şaha ona görə veriblərmiş ki, oyundan həzz alsın və kahinlərə ehtiram göstərsin. Şah böyüyüb kiçik oyuncağa ehtiyac duymayanda kahinlər ona poladdan iki adam, iki robot düzəltdilər ki, onlar da hər yanda onu müşayiət edirdilər.
Bir vaxt Qubad şah kahinlər hakimiyyətini dağıtmağa çalışdı. Məzdək adlı dinsizin biri şahın hüzuruna gəlib onun ağlını oğurlamış və demişdi:
– Heç kim başqasından varlı olmamalıdır. İranda gərək bərabərlik hökm sürsün və heç bir kahinin haqqı yoxdur, xalqın taleyini həll etsin.
Məzdəyin tovlayıcı sözlərinə şah qulaq asdı. Hərəmxanasının qadınlarını camaata payladı, varlıların sərvətini əllərindən aldı və kasıbları öz kasıblığında saxladı, çünki Məzdək belə öyrətmişdi. Onda İranı xilas etmək üçün kahinlər baş qaldırdılar. Əbədiyaşar ruhlu şahzadə Xosrov Ənuşirəvan hərəmxana qadınlarının paylanması zamanı şahzadənin anasına sahib çıxmış kafir Məzdəyə hücum çəkdi. Həmin çağdan padşahlardan heç biri kahinlərin sözünü qulaqardına vurmağa bir daha cəhd etmir.
İran şahı Ktesifonda[26 - Ktesifon Mesopotamiyada qədim şəhər, eranın 226-cı ilindən Sasanilərin paytaxtı. Şərq qaynaqlırında Mədain.], Fərat sahilində otururdu. Şah iqamətgahı əbədi odların müqəddəs diyarının ortasında yerləşmişdi və bu diyar onun çiynində ağır bir yük idi. Qubadın varisi Adil Xosrov böyük müharibələrə Ktesifondan başçılıq edirdi. O, Bizansın yarısını viranə qoydu, Antioxiyanı[27 - Antioxiya – hazırda Türkiyədə yerləşən Antakiyanın qədim dövrdəki adı.] dağıtdı və kral Yustinianın qoşunlarını əzdi. İranla Bizans arasındakı müharibələr on illərlə ara vermək bilmirdi. Bu, iki dövlətin müharibəsi deyildi, gənc xristianlıqla böyük od allahına qədim inam arasında gedən savaş idi. Məsələn, Həbəşistanın nequs neqestisi[28 - «Nequs» və ya «nequs neqesti» Həbəşistan hökmdarının titulu. Müvafiq olaraq şah və şahənşah deməkdir.] Yəməni tutanda şahənşah ona o nədənlə hücum etdi ki, nequs xristian idi və şah dünyada xristian fatehin varlığına dözmək istəmirdi.
Görünməmiş zəfər yürüşlərində, döyüş və qarətlərdə hər iki dövlət – Bizans və İran qanına qəltan olurdu. Şəhərlər kimsəsizləşir, tarlalar viranələşirdi və İkinci Böyük Xosrov, Xosrov Fateh axırda kişi çatışmazlığı üzündən qadınları da orduya götürürdü. Müharibəni aparmaq və ölkəni məskunlaşdırmaq üçün insan qüvvəsi lazım idi. Yeknəsək insansız çöllər, bir ovuc insanı olan saraylar, keçəlləşmiş torpaq zolaqları, hər iki dövlətin qoşunu döyüş qabiliyyətli kişilər tələb edirdi.
Kişilər də gəldilər; bunlar ərəblər oldu. Ərəb tayfaları amansız səhradan baş alıb gəldilər, yiyəsiz kəndlərdə məskunlaşdılar və qoşunları tamamladılar. Hələ Muhəmməddən (s.ə.), islamın zəfər yürüşlərindən çox-çox qabaq Bizans və İran dünyası ərəb xalqını öz ərazilərinə çağırıb gətirmişdi.
İkinci Xosrov Dəməşq və Qüdsü fəth edəndə və axırda hətta Bizansın özünü mühasirəyə alanda İran Bizans üzərində ən böyük qələbələrini qazanmışdı. Şərqi Roma səltənəti məhvə gedənə oxşayırdı. O vaxt Bizans taxt-tacında Herakl otururdu. O, taxt-tacını, paytaxtı və ölkəni tərk etdi. Bir ovuc qoşunla dağlardan keçib müqəddəs Atropaten məmləkətinə getdi. Orda kahinlərə hücum çəkib məbədləri dağıtdı. Qorxuya düşmüş kahinlər öz şahlarını geri çağırdılar. Şah onlara qulaq asdı. Bizansın darvazaları önündən geri çəkilib Qüdsü boşaltdı, geriyə dönüb İranın əbədi müqəddəs odunu xilas etdi.
Bu, İran və Bizans hökmdarlarının – Heraklın və İkinci Xosrovun, onların qan içində üzən ölkələrinin bir-biri ilə barış bağlamalı olduqları 628-ci ildə baş verdi.
Herakl azad olmuş Qüdsə yollandı, İkinci Xosrov da Ktesifona. Dünya yenidən barışana oxşayırdı. Herakl xristianlığın xilasını Qüdsdə bayram edəndə Xosrov Ktesifonda özünə elə bir taxt-tac qurdurdu ki, dünya indiyə qədər belə şeyin şahidi olmamışdı. Qızıldan, gümüşdən və daş-qaşdan səmanın şəklini yaratdılar ki, onun da ortasında Günəş, Ay və ulduzlar yerləşdirilmişdi. Bu səma istədiyin vaxt yağış yağdıra və şimşək çaxdıra bilirdi. Taxt-tac bu səmanın başı üstündə qurulmuşdu və bu mürəkkəb qurğu atlara qoşulmuşdu.
Həmin səma bənzərliyi müqəddəs od kahinlərinin öz şahlarına son hədiyyələri oldu. Şahənşah yeni taxtına ilk dəfə təzəcə əyləşmişdi ki, Herakl da öz qələbəsinin təntənəsini təzə-təzə sürdürürdü ki, yalnız bir neçə insanın nəzərini çəkən və çox az qismin vaxt tapıb lağa qoyduğu bir hadisə baş verdi.
Həm Ktesifonda, həm də Qüdsdə üz-gözündən cahillik yağan iki ərəb eyni zamanda peyda olub şahların hüzuruna aparılmalarını istədilər ki, bu da ümumi məzhəkə doğurdu. Onların istəklərinin yerinə yetirilməsi heç kəsə bəlli deyil, bəlli olan yalnız odur ki, səhradan gətirdikləri iki məktubu axırda padşahların hüzuruna çatdırmaq xoşbəxtliyinə yetişiblər.
Hər iki məktubun məzmunu eyni idi. Odövr dünyasının hər iki hökmdarından sadə, nəzakətli cümlələrlə tələb olunurdu ki, öz dinlərindən əl çəkib naməlum ərəb allahlığını, eləcə də onların «itaət» (islam – Ç.Q.) adı ilə yenicə yaranmış kultunu qəbul etsinlər. Hər iki məktubun müəllifi, təbii ki, hökmdarlara qəti tanış deyildi. O özünü çox sadə təqdim edirdi: «Muhəmməd, Allahın Rəsulu». Öz zəfərinin məstliyində Herakl məktuba cavab verməyə belə, vaxt tapmadı. Bundan əlavə, yarıtanrısal izzətə layiq görülən Bizans kralı hansı bir ərəbləsə məktublaşmağı özünə rəva bilməzdi. Qüdsün itirilməsinin müqabilində kahinlərin hədiyyəsinin heç cür sakitləşdirə bilmədiyi İkinci Xosrovun isə məktubu alanda əhvalı pozuq idi. O, yazını cırıq-cırıq edib ayaqları altında tapdaladı və Cənubi Ərəbistandakı valisinə əmr göndərdi ki, «Allahın Rəsulunun başını bədənindən üzsün». Bu əmr yerinə yetirilə bilmədi, çünki o, Ərəbistana çatana qədər qüdrətli şahənşahın özü taxdan salındı və boynu vuruldu.
Bu padşahlardan heç biri indiyə qədər Muhəmmədin (s.ə.) adını eşitməmişdi. On ildən sonra həmin Muhəmmədin (s.ə.) qoşunu bütün Persiyanı, Bizansın yarısını tutdu və İranın müqəddəs odunu həmişəlik söndürdü. Və nəhayət o, Allahın Rəsulunun (s.ə.) yaşıl bayrağını dalğalandırdı – peyğəmbər Məsihin məzarı başında.
Bu qoşun, bu iman, bu Peyğəmbər (s.ə.) bir heçdən yarandı: Ərəbistan səhrasından, dilənçi və yolçuların məmləkətindən. Heçdən bir dünya qurmaq üçün onca il bəs elədi.
Muhəmmədin (s.ə.) adını daşıyan məktub ərəb səhrasındakı balaca bir şəhərdən gəlirdi. Bəlkə hər iki hökmdar bu şəhərin adını bircə dəfə ötəri eşitmiş olaydılar. Şəhərin adı Məkkə idi. İkinci Xosrovun ordusu Ərəbistana yeriyəndə Məkkəyə bir yan yürüşünü özünə rəva bilmək üçün şəhər ona çox kiçik görünmüşdü. Onca ilin içində həmin Məkkə Cəbəlütariq sahillərindən Himalayın zirvələrinə qədər yayılan bir dünyanın mərkəzi oldu.
KƏƏBƏNİN ŞƏHƏRİ
Ərəblərin hamısı tacirdir.
Strabo[29 - Strabo – yunan coğrafiyaçısı və tarixçisi. E.ə. 64-63-cü illərdə anadan olub, yeni eranın 23-cü ilində vəfat edib.]
Ərəbistan səhrası ilə, Hicazın daşlı vadiləri ilə bir vaxtlar ulu ata İbrahim dolaşırdı. Dağlar, çılpaq qayalar, uçurum və yarğanlar onun yolunu kəsirdi. Hər qayanın arxasında bir şeytan yatırdı və ağlaya-ağlaya, ulaya-ulaya ulu atanı öz toruna salmağa çalışırdı. İbrahim peyğəmbər bərəkətsiz daşlı səhra ilə dönmədən irəliləyirdi və şeytanlar sırtıqlıq edəndə o, yerdən daş götürüb onlara atırdı. O çağdan minillər keçmişdir. Milyonlarla insan o vaxtdan İbrahim peyğəmbərin hərəkətlərini təkrarlayır və Hicaz səhrasında xırda daşları «Üç Şeytan Dağına», arxalarında əcinnələrin gizləndiyi qayalara atırlar.
Ulu ata Hicazda çox dolaşdı. Axırda qorxunc, çılpaq qayalarla çevrələnmiş dərin vadi zolağına gəldi. Burda, bu amansız torpaqda Aləmlərin Rəbbi ulu ataya mərhəmət göstərdi. Göydən bir ağ daş nazil etdi, Ulu Mələyin qanadları kimi dümağ. Və Rəbbin şərəfinə İbrahim peyğəmbər Hicazın amansız vadisində bir ziyarətgah tikdi – dördbucaq bir bina. Ərəbistanın müqəddəs ocağı Kəəbə belə yarandı. Onun divarında İbrahim peyğəmbərin öz əli ilə qoyduğu bərqli, ağ əl-Hacər əl-Əsvəd, Allahın daşı uyuyur. İbrahim peyğəmbər Rəbbini həmd edə-edə yoluna düzəldi, ziyarətgah isə tənhalıq və amansızlıq vadisinin tən ortasında qaldı.
Ölkənin bədəviləri ziyarətgahdan xəbər tutdular, külək və qum bu xəbəri səhraya yaydı. Tezliklə hər kəsə bəlli oldu: Kəəbənin nur saçan daşını kim öpərsə, Qüdrət Sahibinin hüzuruna qorxmadan dönə bilər. Bütün suçları daş öz üstünə götürür. Ölkənin bədəviləri iri karvanlarla gəlirdilər. Hər kəs ağ daşı öpürdü və hər kəs öz günahını ona ötürürdü. Daş çox suçları götürdü. Bunlar böyük və ağır suçlar idi. Onların sayı artdıqca daş qaralmağa başladı. Və insanlığın suçu o qədər böyük və sonsuzdur ki, Qüdrət Sahibinin nur saçan ağ daşı axırda qaraldı, gecə kimi, suçun özü kimi qapqara oldu. Və haçansa Qiyamət Günü gələndə və Qüdrət Sahibi bütün salehləri və azğınları öz dərgahına səsləyəndə daşda iki iri göz yaranacaq. O, yenidən ağarıb nur saçacaq, Qüdrət Sahibinin əlində qərar tutacaq və bir vaxt Allahın qüdrətinə inanıb öz günahlarını ona tapşırmış hər kəsə şahidlik edəcək. Kəəbə haqqında, Qara Daş haqqında qədim əfsanələr ən azı bunları söyləyir.
Kəəbənin dörd yanınca Hicaz məmləkəti baş alıb gedir ki, onun da mənası «sərhəd manşırı» deməkdir. Bu sərt ölkəyə Mərkəzi Ərəbistanın sonsuz səhraları və sabiilərin[30 - Sabiilər – Saba səltənətinin sakinləri. Quranda və Tövratda adları çəkilir.] qədim şövkətli səltənətinin ərazisi bitişir. Fantastik düzümlü çılpaq dağlarla təbiət iki dərin çuxur yaratmışdır. Bu çuxurlardan karvanlar keçib-gedir. Cənubdan Tihamə çölü ilə Yəmənə və şimaldan Suriyaya. Hər iki yol Kəəbədə, Makorabada, ölkənin «Müqəddəsliyində» kəsişir. «Münəvvər» («İşıqlı, Nurlu»), «Um əl-Qura» («Şəhərlər Anası»), «Əl-Mükərrəm» («Nəcib») səhra camaatı Kəəbənin şəhərinə bu adları vermişdi. İranın məğrur şahı isə bu şəhərə xüsusi bir yürüş etməyi özünə heç rəva da bilməmişdi, şəhər ona bu dərəcədə əhəmiyyətsiz görünmüşdü. Bədəvilərin çadır düşərgələrində isə Məkkə şəhərinin qüdrət və gözəlliyi, zənginliyi barədə sonsuz nəğmələr oxunurdu. Çünki səhrada ona tay ikinci şəhər yox idi.
Uzaq ölkələrdən gələn karvanlar Məkkədə rastlaşırlar. Karvanlar görüşən yerdə də möhkəm tikililər yaranır, tacirlər orda yaşayıb artırlar, zənginlik və qüdrət orda təşəkkül tapır. Tacirlər Məkkədə də oturaqlaşmağa başladılar, öz karvanlarını səhralara yola saldılar, möhkəm qəsrlər tikib sərvət topladılar. Ərəbistanın paytaxtı Məkkə həm də ölkənin ticarət mərkəzi oldu. Fəqət Məkkədə yaşayan tacirlər dünənin bədəvi ərəbi idi, beləliklə, bu şəhər dünyanın bütün ticarət şəhərlərindən köklü şəkildə seçilirdi.
Vaxt vardı, bir çox tayfalar Məkkənin hökmdarlığı uğrunda çarpışırdılar. Qanlı döyüşlər olurdu, zira Məkkəyə hakim kəsilən öz sərvətindən arxayın ola bilərdi. Peyğəmbər Məsihdən sonrakı beşinci əsrin axırlarına yaxın Məkkə şəhəri Bənu Qüreyş tayfasının əlinə keçdi. Qədim romantik əfsanələr Məkkədə qüreyşilər iqtidarının özülünü qoymuş böyük qəhrəman Qusainin hiylə və cəsarətindən, ağıl və gücündən xəbər verir. İndi, altıncı əsrdə böyük qüreyşilər tayfası, xeyli vaxtdı, bir sıra xırda qəbilə və ailələrə parçalanmışdı ki, bunlar da bir-biri ilə daha seyrək bağlı idilər və Məkkə üzərindəki ixtiyarı öz aralarında bölürdülər. Bu ailələrdən ən qüdrətlisi, ən zəngini və ən kübarı Əməvi soyu idi.
Məkkə heyrətamiz şəhər idi! Kəəbənin dörd yanında ayrı-ayrı soyların bir-birinə bitişik evləri və qəsrləri ucalırdı. Soy nə qədər zəngin, böyük və qüdrətli idisə, onun evi və qəsri Müqəddəs Kəəbəyə bir o qədər yaxın olurdu. Hər soy səhra adətincə bir qəsrdə yaşayırdı. Hər soy əslində yalnız öz soy başçısının sözü ilə oturub-dururdu və başqa soylardan olan qonşulara pislik etmirdisə, özünü yaxşılıq nümunəsi sayırdı. Hər soy öz ticarətini sərbəst aparırdı və yalnız böyük gəlir imkanları yüksək kapital yatırımı tələb etdikdə bir neçə soy müəyyən alver müddətində birləşirdi.
Təbii ki, hər tacir eyni zamanda həm də cəngavər və döyüşçü idi. Həmin çağlarda tacir Məkkədə bir növ yüksək səhra cəngavəri sayılırdı. Kim, əldə qılınc, öz sərvətini qoruya bilmirdisə, tezliklə kasıblar sırasına düşürdü. Çünki səhra insanlarının bu qəribə respublikasının qanunları, hakimiyyəti və mərkəzi hökuməti yox idi. Hərə öz qəsrində yaşayırdı, tayfa başçısının əmrlərinə əməl edirdi və bunun üçün, səhra bədəvisi kimi, tayfa tərəfindən qorunub müdafiə olunurdu. Ona görə də Məkkədə məhkəmə, dustaqxana və cəza yox idi. Tayfanın dəyərli üzvlərini tayfa hifz edirdi. Ancaq buna baxmayaraq hər hansı bir məkkəli həddən çox suç işlədirdisə, tayfadan qovulurdu, səfillər sırasına qatılırdı. Məkkə sakinləri qəfil varlanmadan sonra da öz ilkinliklərindən, ən xırda şeyi belə, itirməmiş birdən-birə zənginləşən bədəvilərdən başqa bir şey deyildilər.
Bununla belə, Məkkə dinlikdən başqa heç nəyə bu cür təcili ehtiyac duymayan gəlişkənli, zəngin bir şəhər, ticarətlə məşğul olan bir şəhər idi. Dinclik isə həmrəylik duyğusunun hansısa forması ilə təmin oluna bilərdi. Bütün şəhərə, onun rifahına və var-dövlətinə dəxli olan məsələlər üçün də «mala» deyilən bir şura vardı. Kəəbənin yaxınlığında, idarə binasında, «dar ən-nədva» deyilən yerdə ağsaqqal məkkəlilər ümumi məsələləri müzakirə etmək üçün zaman-zaman toplaşardılar. Qırx yaşını keçmiş hər bir məkkəli bu iclaslara gələ bilərdi. Lakin bu şuranın varlığı heç də o demək deyildi ki, Məkkədə nəsə bir demokratiya vardı. Vacib məsələlərin həlli bir ovuc «Batha» soylarının, yəni şəhərin Kəəbəyə yaxın Batha məhəlləsində məskunlaşmış soyların əlindəydi. Bu soylar Məkkənin bankirləri və iri tacirləri idilər. Onlar borca pul buraxır, xaricə karvanlar göndərir və o dövrün mədəni aləminin böyük ağalarının üslubunda az qala sivil bir həyat sürürdülər.
Bunlar Əməvi, Məhzun, Nofəl, Əsəd, Züra və Zam soyları idi. Bu soylar və onların görkəmli nümayəndələri Əbu Süfyan, Əbu Cəhl, Üsbə və digərləri şəhərin əsas vəzifələrinə irsən sahib idilər. Şəhərin çox cüzi ictimai idarələrindəki vəzifələr, məsələn, qoşunbaşı, sarvan vəzifələri və başqaları qədim zamanlardan bu kübar Qüreyş ailələrinə mənsub idi.
Məkkə Qüreyş ailələrinin rifahının artırılması üçün yaradılmış tacirlər respublikası idi. Bu, böyük banka və ya şirkətə bənzəyirdi ki, orada çeşidli səhmdarlar bir-biri ilə küsülü ola bilərlər, fəqət hamı yüksək gəlirdə ortaq marağa malikdir. Hər tacirin təhlükəni gözünün altına alıb dışarı aləmə göndərdiyi xırda karvanlardan başqa, ildə iki dəfə, demək olar, bütün məkkəlilərin iştirakı ilə böyük ticarət karvanları yüklənirdi. Karvanda iki-üç min dəvə olurdu və ikiyüz-üçyüz kişi döyüşkən qaraul dəstəni təşkil edirdi. Karvanlar altı ay yol gedirdi. Alverin incəliklərinə bələd məkkəlilərin evə gətirdikləri gəlir isə bir qayda olaraq əlli-yüz faiz arasında olurdu. Əlvan metal, muncuq, ədviyyat, ənlik-kirşan, ətriyyat, silah, qul – bir sözlə, qədim dünyanın satdığı hər şey Məkkəyə axışıb orda anbarlara yığılır və dəriyə, qadına, xurmaya və digər səhra məhsullarına dəyişdirilirdi.
Səhra xatunu Məkkə əcnəbi üçün özündə çoxlu cazibədarlıq gizlədirdi. Hər il sonsuz karvanlar Məkkənin küçə və yolları ilə oüz-buüzə gedirdi. Dəvələr yumşaq, ehtiyatkar yerişlə irəliləyirdilər, yunlarında səhranın tozu, gözlərində çölün həsrəti. Boğazlarından kiçik zınqırovlar asılırdı və onların şaqraq səslənişi səhranın harayına bənzəyirdi. Sarvan dəvənin yanınca ustufla yeriyir. O da dəvəsi kimi sakitdir, məğrurdur, dinməzdir. İri gözləri heyrətlə açılır: «Məkkə, Səhra Xatunu», içindən bir səda gəlir. Kəəbə ətrafındakı böyük meydanda külli miqdarda dəvə dayanır. Əyləncə həvəskarları onları dövrəyə alır, Məkkənin küçə uşaqları dəvələrin qarnının altı ilə, ayaqlarının dar dolayları ilə sürünür. Hər çeşiddən olan əcnəbi onların başına yığışır: zəncilər, xristianlar, yəhudilər, qul alverçiləri, küçə qadınları və ovsunçular.
Məkkədə bütün dillər və allahlar təmsil olunmuşdu. Şərab və qadın şəhvəti uzun səfərdən sonra sarvanın və peşəkçilərin[31 - Böyük karvanlar yeddi dəvədən ibarət kiçik hissələrə bölünür və bu yeddi dəvənin önündə gedən dəvəyə peşək, həmin dəvəni idarə edən şəxsə isə peşəkçi deyilir.] itirdiklərinin yerini doldururdu. İpək paltar geymiş, saçına ənbər sürtmüş adlı-sanlı tacirlərdən biri Kəəbədən çölə çıxır. Ağıllı gözləri ilə çeşidli camaata, dəvələrə və səhranın tozuna baxır. Dəvələr ağır-ağır yerə yatırlar, hörgüclərində ağır yüklər vardır. Tacir Əməvi, yaxud Əsəd incə, nəcib əlini ətirli saqqalına çəkir. Sarvana yeni tapşırıqlar verir. Sonra sonsuz karvanlar yenidən Məkkənin küçələrinə tökülürlər. Tacir geri, Kəəbəyə qayıdır. Fars və Bizans pulunun kursunu müəyyənləşdirən vekselçinin yanına dönəsi olur. Əməvinin bankı ilə o, sələm məsələlərini saf-çürük etməlidir, bəlkə də xanımlarından birinə dəymək, yumşaq xalının üstündə yayxana-yayxana yeni bədəvi savaşları barədə söhbət etmək və bürküdən gileylənmək istəyir. Tacir həddən artıq varlıdırsa, Məkkənin ətrafındakı Taif vadisində onun xurma ağaclarından ibarət villası olur. Yay aylarında ora köçür. Amma gərək villa da gəlir gətirsin. Ona görə də bağının xurmalarını o, bazarlarda satdırır.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68386369) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Papyrus Anastasi – papirus (yun. papiros): sərv sinfındən 1-3 m hündürlüyündə uzunömürlü ağac. Hələ qədim zamanlarda ondan bərə, qayıq, ulğan və yazı üçün papirus hazırlanardı. Anastasi yunanca anastasius sözünün latın dilində yiyəlik halı. Mənası yenidən dirilən deməkdir. Xristian xüsusi ismi Anastas da buradandır. Papyrus Anastasi əlyazmalar kağızı anlamındadır. (Bu və bundan sonrakı ayaq qeydləri tərcüməçinindir).
2
İkiçay Məmləkəti – Nil və Fərat arasında yerləşən torpaqların alman mənbələrindəki adının kalkası.
3
Bəzi qaynaqlarda, məsələn, A. Massenin «İslam»ında «Cəzürət-ül-ərəb», tərcüməsi də «Ərəb yarımadası» kimi verilir.
4
«Adların siyahısı»nda: Üçüncü Yezdəgird.
5
Xaldeylər – e.ə. 1-ci minilliyin 1-ci yarısında Babilistanda yaşamış tayfa.
6
Aramilər – Ərəbistan yarımadasında yaşamış köçəri sami tayfaları. E.ə. 2-ci minilliyin sonlarında Ön Asiyaya yayılmış aramilər Suriya və Şimali Mesopotamiyada kiçik dövlətlər yaratmışdılar. Aramilərin sonrakı nəsilləri assuriyalılardır.
7
Yevgenika yun. yaxşı soydan, kübar doğulan deməkdir. İnsanın irsi sağlamlığından və onun yaxşılaşdırılması yollarından bəhs edən nəzəriyyə. Onun prinsipləri ilk dəfə ingilis psixoloqu və antropoloqu Frensis Qalton (1822-1911) tərəfındən 1869-cu ildə irəli sürülmüşdür və gələcək nəslin irsi keyfıyyətlərini yaxşılaşdıran təsirlərin öyrənilməsinə yönəlmişdir.
8
Hiram – e.ə. 969-936-cı illərdə Tirin fınikiyalı padşahı.
9
Ofir – ölkə adı. Süleyman peyğəmbər burdan gəmi ilə daş-qaş və qızıl gətirtdirərmiş. Onun yerini Hindistan və Elamda, Şərqi və Cənubi Afrikada, Ərəbistanda axtarırlar.
10
Almaniyada 50 kq.-a bərabər qeyri-rəsmi ölçü vahidi.
11
Saba – qədim cənubi-ərəb səltənəti, paytaxtı bugünkü Yəməndə Mərib şəhəri.
12
Nəbatilər – qədim dövrlərdə qüdrətli şimali-qərb ərəb tayfası, e.ə. 5-4-cü əsrlərdə edomluların ərazisində oturaqlaşıblar. Nəbatilər dövləti eramızın 106-cı ilində süqut etmişdir.
13
Midian – Səudiyyə Ərəbistanında Hicazın şimal səmtində məmləkət. Qədimdə zəngin qızıl və gümüş ehtiyatına malik olub.
14
Palmira – ərəbcə yeni adları Tudmur, Tadmor, Tadmur. Suriya səhrasının şimalında qədimdə ölkə, indi həm də şəhər.
15
Kəssanilər (digər qaynaqlarda: qəssanlar) – Şimali Suriyada ərəb zadəgan soyu. Cənubi ərəb tayfası Kəssanın adı ilə adlanıb. 5-ci əsrin sonunda Dəməşqin cənub-şərqində məskunlaşıb və monofızit xristianlığı qəbul edib.
16
Ləxmənilər – ərəb zadəgan soyu. 4-cü əsrdən 602-ci ilə qədər Sasanilərin himayəsi altında cənub sınırlarını qoruyurdular. Paytaxtları Kufənin (İraq) cənubunda Hirə şəhəri.
17
(s.ə.) – bundan sonra hər yerdə tərcüməçinin əlavəsidir və yalnız müəllif mətnində istifadə olunur. Müəllif mətnində qoyulmursa, deməli, bu fikir kafirlərə, münafiqlərə, yaxud yəhudilərə aiddir.
18
Hirə (əl-Hirə) – İraqda qədim şəhər. 3-cü əsrdən sonra ləxmənilərin paytaxtı, onların rəhbərliyi altında xristianlığın mərkəzinə çevrildi. İslam ordusu şəhəri fəth etdikdən sonra tənəzzülə uğradı. Qazıntı işlərinə 1931-ci ildə başlanıldı.
19
Surlu- dilimizə keçmiş yad mənşəli xoşbəxt sözünün yerində işlənir. Kaşğari öz lüğətində sur etimonunun tale, bəxt anlamında olduğunu qeyd edir. Azərbaycan alxışı «Surun yerisin»dəki sur sözü də bəxt, tale anlamında işlənir.
20
Ankira (alman mənbələrində: Ankyra, Ancyra, Anqora) – Ankaranın qədim adı.
21
Herakl böyük bir qoşunla İrana daxil oldu, gənc padşah Xosrovla vuruşub çoxlu adam qırdı və əlli kübar qızı xristianlarla evləndirdi.
Sakson xronikası
22
Pax (oxunuşu: Paks) – rumların barış ilahəsi
23
Porfirogennetos – Porphyr (yun.) + gen (yun.). Porphyr—qranitə oxşar qırmızımtıl vulkanik daş və gen – soy, nəsl. Deməli, «porfirogennotos» – porfir əslli.
24
Müqəddəs Məzar – İsa peyğəmbərin məzarı nəzərdə tutulur.
25
Müqəddəs Simon – İsa peyğəmbərin qardaşı, qədim kilsə qaynaqlarına əsasən 62/63-cü ildə Yerusəlimin ruhanisi olub, 107-ci ildə işkəncə ilə öldürülüb.
26
Ktesifon Mesopotamiyada qədim şəhər, eranın 226-cı ilindən Sasanilərin paytaxtı. Şərq qaynaqlırında Mədain.
27
Antioxiya – hazırda Türkiyədə yerləşən Antakiyanın qədim dövrdəki adı.
28
«Nequs» və ya «nequs neqesti» Həbəşistan hökmdarının titulu. Müvafiq olaraq şah və şahənşah deməkdir.
29
Strabo – yunan coğrafiyaçısı və tarixçisi. E.ə. 64-63-cü illərdə anadan olub, yeni eranın 23-cü ilində vəfat edib.
30
Sabiilər – Saba səltənətinin sakinləri. Quranda və Tövratda adları çəkilir.
31
Böyük karvanlar yeddi dəvədən ibarət kiçik hissələrə bölünür və bu yeddi dəvənin önündə gedən dəvəyə peşək, həmin dəvəni idarə edən şəxsə isə peşəkçi deyilir.