Dağlar arxasında üç dost
İlyas Əfəndiyev
“Dağlar arxasında üç dost” əsəri (1963) İlyas Əfəndiyevin ən güclü romanlarından biri hesab olunur. Romanı oxumağa başlarkən artıq onun klişe sovet romanlarından fərqləndiyini sezmək olur. Hətta sovet beynəlmiləlçiliyi (erməni-azərbaycanlı dostluğu) mövzusunu da dramaturq peşəkarlıqla elə qələmə almışdır ki, indiki baxışla belə o cür münasibətlər absurd görünmür.
Müəllifin digər roman və dram əsərlərində olduğu kimi bu əsərin də süjet xətti real hadisələrlə zəngin, kəskin dəyişkən xətt üzrə gedir. Əsərin məzmunu əsasən məhəbbət və ailə dramından ibarətdir. Qəhrəmanların – Şahlar və Səlimənin bir-birinə sevgisi nə qədər qırılmaz və səmimi olsa da, əksinə oğlanın anası Gülnisənin gənclərin məhəbbətinə qarşı etdiyi hərəkətlər də bir o qədər təsirlidir… və tezliklə hadisələr məcrasından çıxır… Əsərdə səmimi dostluq və ülvi məhəbbət hissləri ilə yanaşı cürbəcür insan xarakterlərindən, düşmənçiliyə gətirib çıxaran kəskin insan komplekslərindən də söhbət açılır.
Romanın dili də çox sadə olduğundan birnəfəsə oxunur.
İlyas Əfəndiyev
Dağlar arxasında üç dost
196… -ci ilin qışında tufan qopmuş gədikdən bir atlı enirdi. Külək güllə kimi vıyıldayaraq burulur, qarı qaldırıb atlının üzünə çırpırdı. Ucaboylu boz ürgə başını irəli verərək sərvaxtlıqla addım atırdı. Uzunboğaz çəkmə geymiş oğlan, ayaqlarını üzəngiyə dirəyərək, yəhərdə qıs-qıvraq oturmuş, soyuqdan donub göyərən çılpaq əlləri ilə cilovdan möhkəm yapışıb, gözlərini yarı yummuşdu. Qulaqlı xəz papağı, qalın gödəkcəsi qardan ağappaq olmuş, qaşları, kirpikləri sırsıra bağlamışdı.
Hələ gündüz saat beş olmasına baxmayaraq hava qaralmışdı. Boz ürgə tez-tez üzərini qar basmış çuxura düşərək büdrəyir və bu zaman oğlan cəld hərəkətlə ayaqlarını üzəngiyə daha da möhkəm dirəyərək cilovu çəkir, üzünə çırpılan qardan göz qapaqlarını zorla aralayıb, ancaq atın başını görə bilirdi. Bu saat onun bütün diqqət və fikri yalnız boz ürgənin yerişində idi. O, boranın vəhşi uğultusu içində aramla bir-birini əvəz edən ayaq tappıltılarını gərgin bir həssaslıqla dinləyirdi.
Birdən heç gözləmədiyi halda boz ürgə ayaq saxlayıb balaca, zərif qulaqlarını şəkləyərək cingiltili, gümrah səslə kişnədi. Bunun ardınca «Kimsən?» – deyə lap yaxından bir səs eşidildi. Oğlan bir əli ilə cilovu dartıb, o biri əli ilə gözlərinin qarını silərək diqqətlə yan tərəfə baxdıqda tufanın içindən təkatlı bir qazalağın çıxdığını gördü. Qazalaqda yaşlı kişi ilə üzünü başına örtdüyü şərflə bürümüş bir qadın oturmuşdu. Kişinin başında ortası batıq iri çal papaq, əynində həmin çal dəridən yaxalıq qoyulmuş palto var idi.
Qadın, əllərini çox da qalın olmayan paltosunun qolları içində gizlədərək, yarpaq kimi titrəyirdi.
– Əşi, Çıraq dayı, bu qiyamətdə niyə yola çıxırdın? – deyə qazalaq dayandıqda oğlan səsləndi.
Kişi tələsik qazalaqdan düşdü.
– Sorğu-sual yeri döyül. Bunu götür, – deyə o, qadını göstərdi, – tez kəndə çatdır. Donub ölür.
Oğlan cəld atdan düşərək:
– Gəl, əşi, – dedi, – sən ürgəni min, qızı da götür tərkinə. Mən qazalaqda gedərəm.
– Yox, sən yaxşısan, – deyə kişi yavaş səslə cavab verdi. – Mən özüm də donmuşam…
– Mən səni bu qiyamətdə tək qoyub gedə bilmərəm. – Və o, qazalağa qoşulmuş ata işarə ilə əlavə etdi: – Yabı da yorulub.
(Bu tərəflərdə bir adamın atına yabı demək, onun özünü yüz dəfə təhqir etməkdən pis idi. Ehtimal ki, oğlanı tufan karıxdırmasaydı o, Çıraq dayıya belə söz deməzdi).
– Min atını! – deyə kişi bozardı.
– Əşi, axı camaat mənə nə deyər?
– Adam oğlusan! Söz güləşdirmə! – deyə Çıraq dayı qışqırdı. Oğlan ayağını üzəngiyə qoyub bir anda atın belinə qalxdı.
– Düş görək, – deyə Çıraq dayı mülayim ifadə ilə qadına müraciət elədi. – Düş, səni bu ata mindirək.
Qadın qalxıb, əsə-əsə qazalaqdan düşdüsə də addım atıb yeriyə bilmədi. O vaxt Çıraq dayı yaşına uymayan bir cəldliklə onu götürüb boz ürgəyə yaxınlaşdı və: – Geri otur! – deyə sərt səslə oğlana müraciət elədi.
– Tərkimə qoy, əşi!..
(Bu yerlərdə kişinin atın yəhərinin tərkində, qadının isə qabağında oturması qəbahət sayılır).
– Ay küçük! – deyə kişi hövsələdən çıxdı, – görmürsən dili tutulub? Bu, tərkdə necə otura bilər?!
Oğlan dalı çəkilərək kişi ilə köməkləşib, qadını yanpörtü yəhərin qabağında oturtdu və sol əlini onun arxasından gətirib qolundan tutaraq, sağ əli ilə cilovdan yapışdı.
– Di allah əmanəti! – deyə kişi qar sovruğundan gözlərini tez-tez qırparaq atlıya baxdı. – Sür! Bacardıqca tez get.
Şahlar ayaqlarını yavaşca tərpətdi. Boz ürgə dərhal yerindən qopub yoxuşu enməyə başladı.
– Öz evinizə apar! – deyə arxadan Çıraq dayının səsi eşidildi.
…Boz ürgə qulaqlarını şəkləyərək sıldırımlı gədiyi enirdi. Külək uğuldayaraq hücum çəkib yumrulanmış qar dənələrini qırma kimi oğlanın üzünə çırpırdı.
Soyuq bıçaq kimi kəsirdi.
Kim və nəçi olduğunu bilmədiyi qadının belə bir vəziyyətdə ona tapşırılması, təhlükə və boran oğlanın gənc qanını təlatümə gətirmişdi. Birdən bu kimsəsiz gədiyin boranı içində qucağındakı insanın səsini eşitmək üçün özündə şiddətli bir arzu hiss etdi.
– Bacı, çox üşüyürsən?
– Niyə dinmirsən, ay bacı?
– Yoxsa… – deyə oğlan qorxu içində əyilib qadının üzünə baxdı və yalnız bu zaman onun gənc bir qız olduğunu gördü. Qızın üzü solğun və gözəl idi.
«Anam sənə qurban, boz ürgə! Bir tikə vaxtımdan sənə qulluq eləmişəm. Əlimə düşən pulu kişmişə verib sənə yedirtmişəm. Məni el içində xar eləmə!» Oğlanın qorxu və həyəcan içində vuran ürəyi cavan ata xitabən belə deyirdi. Və sanki boz ürgə onun bu səssiz yalvarışını eşidərək gədiyi ehtiyat və mərdliklə enirdi.
Tufan getdikcə şiddətlənir, külək qarı qaranlıq göyə sovuraraq nəşə və qürurla uğuldayır, kimsəsiz qayalar arasında hökm sürürdü. Oğlanın qızın arxasında olan qolu quruyub keyimişdi. O, atın başını çəkib qızı o biri qoluna keçirmək istədi. Lakin mümkün edə bilmədi. Qızda hərəkət yox idi.
…Artıq qaranlıq idi. Göz-gözü görmürdü.
Tufanın uğultusu tükürpərdən bir vahimə saçırdı. İndi yoxuş divar kimi dik olduğundan oğlanın işini çox çətinləşdirmişdi. O, bu üzüaşağı enişdə həm qızı qucağında saxlamalı və həm də atı büdrəməyə qoymamalı idi. Qayalar arasında balaca yastı bir yerə çathaçatda qəflətən boz ürgənin qabaq ayaqları qar basmış çuxura düşdü və bu elə ani, elə gözlənilməz oldu ki, qız da, oğlan da atın başı üstündən aşıb yerə yuvarlandılar. Qızdan zəif bir səs çıxdı. Sonra heç nə eşidilmədi. Oğlan cəld ayağa qalxıb əvvəlcə qarın üstündə uzanmış qıza, sonra da müqəssir kimi dayanmış boz ürgəyə baxdı. O nə isə demək, kimi isə söymək istədi.
Lakin dayanmaq yeri deyildi. Külək nərə çəkərək qarı oğlanın ağzına, burnuna doldurdu, o əyilib:
– Bacı! Ay bacı! – deyə qızı tərpətdi.
Səs çıxmadı. Lakin ölmüş olsa belə yenə də onu burada qoyub getmək olmazdı. Camaat… El.. Oba…
O, dikəlib atı qızın yanına çəkmək istərkən qaranlıq tufan içində, uşaqların yeni il ağacına düzdükləri fındıq boyda lampacıqlar kimi yaşıl işıqlar gördü. Onlar dörd cüt idi. Və dördü də zülmətə zəbt olunmuş kimi hərəkətsiz dayanıb parıldayırdı. Oğlan əvvəlcə sanki ürgənin dayandığını hiss etdi. Sonra birdən donmaqda olan bədəninə bir istilik gəldi. O, sürətlə çevrilib atına baxdı. Boz ürgə qulaqlarını şəkləyərək gözlərini həmin yaşıl işıqlara zilləmişdi.
– Heyf ki, qoşalüləni…
O, ardını düşünmədi. Cəld hərəkətlə dönüb, qarın üstünə uzanmış qıza baxdı. Sonra əyilib, bəlkə də artıq ölmüş qızı, təsəvvürəgəlməz bir qüvvət və zirəkliklə qaldırıb atın üstünə qoydu. Sonra bir əli ilə qızı tutub ayağını üzəngiyə basaraq atın belinə qalxdı. O bununla həyat qarşısında, el-oba qarşısında son borcunu verdi. İşıqlar hərəkətə gələrək yaxınlaşıb onu dövrəyə aldılar. Boz ürgə dartınıb yerində fırlandı.
Yaşıl işıqlardan bir cütü o birilərindən aralanaraq lap yaxına gəldi. At cilovu dartışdırdı. Oğlan qızın yıxılacağından qorxub bir əli ilə ondan daha bərk yapışdı, o biri əli ilə cilovu çəkərək: – Cəhənnəm olun! – deyə yaxındakı canavara xitabən qışqırdı. Boranın dəhşətli uğultusu içində bu səs onun özünü vahiməyə saldı.
İşıqlardan bir cütü də ayrılıb eyni arxayınlıqla ata yaxınlaşdı. Oğlana elə gəldi ki, başının tükləri qabarıb papağını yuxarı qaldırır. Boz ürgə yarımşahə qalxaraq cilovu elə bərk dartdı ki, oğlan onu zorla saxlaya bildi (Əgər at bir addım atarsa, canavarların dərhal onun üzərinə atılacağını oğlan bilirdi). Mahalda birinci at sayılan, keçən ilki cıdırda birinci mükafat götürən və indi yiyəsinin onu nə üçün tutub saxladığını anlaya bilməyən boz ürgə ağzındakı yüyəni hirslə gəmirərək şaqqıldatdı.
Yaşıl işıqlardan üçüncü cüt də ata yaxınlaşdı. Oğlan gözlərini qırpmadan baxırdı. O öz ölümünü mərdliklə gözləyirdi. Lakin elə bu zaman haradansa dalbadal iki güllə atıldı. Yaşıl işıqlar ildırım sürəti ilə bir-birinə qarışaraq qaranlıqda yox oldular.
Möcüzə baş vermiş kimi oğlan bir an quruyub qaldı. Sonra cilovu azca boşaltdı. Səbri tükənmiş boz ürgə sıldırımlı yoxuşu enməyə başladı. Və, nəhayət o, dərəyə çatıb meşə ağaclarının arası ilə axan çaya çatdı. Oğlan qanrılıb geri baxdı. Qatı zülmətdə heç nə görünmürdü. Boz ürgə ehtiyatla çayı keçirdi. Buz layları onun ayaqları altında parçalanıb səslənirdi.
Boz ürgə çayı keçib, üzüyuxarı diklənməyə başladı. Yorğunluğu və nəfəsinin daralması onu qızışdırıb hirsləndirirdi. Atın bağrı çatlayana qədər bu cür gedəcəyinə şübhə ola bilməzdi. Hələ yüz illər bundan əvvəl Paris cıdırlarında ad almış Qarabağ atlarında izzəti-nəfs heyrətli dərəcədə güclüdür. Onlar çatlayıb ölər, amma yorulub yolda qalmazlar. Onlarda həqiqi igidlərə məxsus bir qürur və nəciblik vardır. Bu atlar həm gözəl, həm də cəsurdurlar. Onlar yəhəri qanla dolmuş çox igidləri düşmən əlindən qaçıraraq öz yurduna yetirmişlər.
…Altyuxarı qalxdıqca boz ürgənin ağır-ağır nəfəs alması oğlanın ürəyini ağrıdırdı.
…Xeyli getdikdən sonra ağaclıqlar qurtardı. İndi cığırın o tərəf-bu tərəfində qorxulu ağ heykəllərə bənzəyən qayalar dayanmışdı.
…Artıq oğlan sanki büsbütün keyimişdi. Hətta canavarların yenə qayıdacaqları ehtimalı da onu qorxutmurdu. «Bircə qızı o biri qolu üstünə keçirə bilsəydi…» Ayaqları da elə bil ki, yox idi. Birdən o, Çıraq dayının qarasına hirsləndi. «Rəhmətliyin oğlu, səksən yaşı var, yenə də qəribə işlərindən əl çəkmir. Görün heç bu havada da qazalaqla Qızıl gədiyə qalxarlarmı? Özü də zənən xeylağı ilə». Bu düşüncə qəlbinin dərinliklərində ona qorxaqlıq kimi göründüyü üçün özünə acığı tutdu. Belə havada yola tüfəngsiz çıxdığı, hətta papiros çəkmək üçün spiçka belə götürməyi unutduğu üçün özünü məzəmmət elədi. Dişlərini bir-birinə sıxaraq sanki bədənində hansı həyat qüvvəsini isə köməyə çağırırdı. Bu qüvvə bütün varlığına hakim olaraq onu məğlub olmağa qoymurdu. İndi qar kəsmişdisə də külək eyni amansızlıqla əsməyində davam edirdi.
Gədiyin lap zirvəsinə qalxdıqda o tərəfdə, aşağıda tək-tək işıqlar göründü. Külək hərdəm-hərdəm qarı sovurduğu üçün bu işıqlar tez-tez gözdən itir, sonra yenə də qatı qaranlıq içindən zahir olurdu.
İşıqları görərkən oğlan dərindən nəfəs alaraq qeyri-ixtiyari bir hərəkətlə əyilib təkrar qıza diqqət yetirdi. Onun üzü tamam hərəkətsiz idi. Oğlan qulağını lap qızın ağzına dirədi, ipək yelpazənin xəfif hərəkətindən yaranan hava ehtizazı kimi bir şey duydu və yalnız bu zaman soyuqdan donmuş qulağının qızın dodaqlarına toxunduğunu hiss etdi. Ürəyindən mehriban – riqqətli bir duyğu keçdi. O bütün gücünü toplayaraq, yəhərin üstündə möhkəm oturdu. İndi boz ürgə yenə də üzüaşağı gedirdi. Yenə də cilovdan möhkəm yapışmaq, ayaqları üzəngiyə möhkəm dirəmək lazım gəlirdi.
…Boz ürgə oğlanla qızı gətirib kəndə çıxaranda gecədən xeyli keçmişdi. Oğlunun bu çovğunlu gecədə indiyə qədər gəlməməsindən təşvişə düşərək yatmayan Gülnisə ayaq tappıltıları eşidib çölə yüyürdü. Atın üstündə hərəkətsiz dayanmış oğlunu və onun qucağındakı zənən xeylağını gördükdə təəccübündən bir neçə saniyə dinə bilmədi. Sonra atın cilovundan yapışaraq:
– Bu nədi, ay bala? – deyə həyəcan və qorxu içində soruşdu.
– Dədəmi səslə! – deyə oğlan acıqlı halda dilləndi.
Gülnisə arvad başını döndərib, evə sarı qışqırdı:
– Əşi, bir çölə çıx dayna!
– Nə olub, ay arvad? Niyə bağırırsan? – deyə paltosunu çiyninə ataraq alt tuman-köynəkdə bayıra çıxan Bəndalı kişi bütün qədd-qaməti ilə qapı ağzında göründü. Və o, tələsmədən irəliləyib diqqətlə oğluna, sonra da onun qucağında uzanmış qıza baxdı, heç nə soruşmadan qızı atın üstündən götürdü. Palto çiynindən sürüşüb, açıq qapıdan uzanmış işıq zolağında ağaran qarın üstünə düşdü. Kişi qara bata-bata qızı içəri apardı.
– Düş, bala, allah məni öldürsün, soyuq əhədini kəsib, – deyə Gülnisə əlini oğlunun soyuqdan donub buz parçasına dönmüş gödəkcəsinə sürtdü. Oğlan çətinliklə aşırılıb düşdü. Gülnisə oğlunun yeriyə bilmədiyini görüb, hövlnak cilovu buraxaraq, onun qoluna girdi.
– Gəl… axı bu nə işdi?..
– Yaxşı… – deyə oğlan acıqlı halda anasının sözünü kəsdi və qolunu onun əlindən qopararaq, – yeri atı çək tövləyə, – dedi. – Tərlidir.
…Səhəri günün axşamı Bəndalı kişinin divarları əhənglə ağardılmış balaca, isti və rahat otağına toplaşan qız-gəlin sobanın böyründə, qalın döşəkcə üstündə oturmuş qonaq qızı dövrəyə almışdılar.
(Gecəki əhvalat artıq bütün Qartallı Dərəyə yayılmışdı). Qızın çiyninə qırmızı qanovuz üzlü yorğan salınmışdı. Onun yanaq sümükləri çıxıq – solğun üzündə, alnında yumrulanan xırda tər tumurcuqları muncuq kimi parıldayırdı. Qızın əynində tündqırmızı şaldan qolları dirsəyə qədər qısa don var idi.
Başına yığılan qız-gəlin onun qansız ağ biləklərinə, uzun boynuna, üst qapağı ətli uzunsov qara gözlərinə maraqla baxırdılar. Ağyelənli kəlağayısının altından qara saçları görünən, gözlərindən gülən iridöşlü bir gəlin ağzını yanındakı gəlinin qulağına yaxınlaşdıraraq: – Bu lap Ağcabədidəki özbəklərə oxşayır, – deyə pıçıldadı.
– Allaha şükür, bala, yaxşı qurtardın, – deyə qızın yanında oturmuş ətli-canlı Gülnisə arvad dilləndi. Sonra həmin gözlərindən gülən iridoşlü gəlinə müraciətlə: – Şahların canı üçün, Ayna, dedim, yazıq əldən getdi.
Bəndalı kişi, sobanın qabağında buğlana-buğlana dızıldayan ağ, qırçınlı samovardan bir stəkan çay süzüb, Gülnisəyə uzatdı:
– Ala, ver içsin.
Gülnisə çayı alıb, qızın qabağına qoydu.
– Nə qədər bacarırsan iç, tər vurub canında olan soyuqdəymənin hamısını çıxaracaq.
Sonra da əri eşitməsin deyə pıçıltı ilə soruşdu: – Qılçaların tay ağrımır ki?
– Xeyr.
Gülnisənin üzü arxayın ifadə aldı və o, qız-gəlinə müraciətlə dedi:
– Yazığın bədənində sağ yer qoymadıq. Kürəyini o qədər ovmuşam ki, əllərim ağrıyır.
– Özünün heç nədən xəbəri yoxmuş, – deyə Ayna yaraşıqlı ağ dişlərini göstərərək gülümsədi.
– Haradan xəbəri olacaqdı… Allah göstərməsin, boran yaman şeydir… O ili (hansı il məlum deyil) həmin Qurdbasan gədikdə bizim obadan dörd adam çovğuna düşüb mağmın olmadımı…
Bəndalı kişi bir əlində çayniki tutaraq, o biri əli ilə maşalı uzadıb sobadan od götürür, samovara salırdı. Arvadların söhbətinə qarşı onun qartalburunlu, arıq və sərt üzündə heç bir dəyişiklik sezilmirdi. Sanki kişi heç bu sözləri eşitmirdi. Uzaq keçmişdən qalan adətdir: kişinin arvad uşaqla ağız-ağıza verib laqqırtı vurması onun üçün əskiklik sayılır. Bir də ki, artıq olub keçmiş iş barədə nə danışasan?! Arvad tayfasının hulqumu yoxdur. Nə qədər zəvzəyirlər, qoy zəvzəsinlər. Bəndalı kişi maşanı sobanın ətəyinə söykəyərək çayniki də samovarın başına qoydu. Sonra öskürərək kim bilir hansı zamandan qalmış qarağac qutusunu çıxartdı. Bu vaxt, qapı açıldı və Şahlar içəri girdi. Ayazdan-gündən yanıb qaralmış uzun barmaqları arasında papiros bükən Bəndalı göz qapaqlarını qaldırıb sakit və ciddi bir nəzərlə oğluna baxaraq yenə də endirdi.
– Səhərdən bəri haradasan, ay bala, gəlib bir stəkan çay da içmirsən, – deyə Gülnisə tələsik oğluna çay süzdü.
– Yığıncağımız var idi, – deyə o, üzərində qar danələri işıldayan gödəkcəsini divardakı dəmir asqıya keçirtdi. Sonra stul çəkib, sobanın o biri tərəfində oturdu. Onun gəlişi ilə otaqdakı qız-gəlinin üzləri ciddi ifadə aldı. Ayna deyilən gəlindən başqa hamısı başını aşağı saldı. Qonaq qız bu ani dəyişikliyin səbəbi ilə maraqlanaraq oğlana diqqət yetirdi və onun qeyri-adi gözəlliyindən heyrətə gələn. (Əslinə baxsan bunu «gözəllik» deyil, «yaraşıq» adlandırmaq daha düzgün olardı. Oğlanın bənizi əsmər, boyu atasının boyu kimi uca, kürəkləri enli idi.)
Qız aldığı bu güclü təsirin başqaları tərəfindən duyulacağından ehtiyat edərək, tələsik gözlərini oğlandan çəkib, nə üçünsə Gülnisəyə baxdı. O, yolda soyuqdan donub, dildən düşdüyü üçün oğlana fikir verməmişdi. Səhər ayılanda da oğlanın onu nə vəziyyətdə gətirib çıxardığı barədə Gülnisənin adamlara elədiyi söhbəti eşitmişdi. Odur ki, indi bir sövq-təbiiliklə həmin oğlanın bu olduğunu duydu və onun ayazdan yanıb-çatlamış gözəl əllərinə baxaraq anlaşılmaz tərzdə qızardı. Bununla belə özündə qəribə bir yüngüllük, bir fərəh hiss elədi.
Ayna deyilən gəlin əvvəlcə qıza, sonra da Şahlara baxdı və qıza işarə ilə ona göz vurdu: «Görürsən necə qızdır!»
Oğlan, sükut içində oturub sobanın ətəyinə baxan atasına iti bir nəzər salaraq, Aynanın zarafatına qarşı qaşqabağını tökdü. Gəlin başını Gülnisənin böyrünə qısaraq uğunub getdi.
– Batmış… – deyə Gülnisə onun çiyninə vuraraq gülümsədi, o biri qız-gəlinlər də təbəssümlərini kişidən gizlətdilər. Bu ümumi şənliyi hiss edən Bəndalı kişinin qartalburunlu, arıq və sərt üzündə xoş bir ifadə yarandı və o arvadına müraciətlə:
– Dur, çörəkdən-zaddan gətir, – dedi.
Qız-gəlin qalxdılar.
Gülnisə:
– Hara? – dedi, – niyə gedirsiniz?..
– Oturun yerə! – deyə Bəndalı kişi də dilləndi.
– Dayımın canı üçün bura gələndə təzəcə yemişdik, – deyə Ayna cavab verdi. – Gecəniz xeyrə qalsın.
Gülnisə qalxıb, sobanın üstündə paqqapaq qaynayan ağ qalaylı mis qazanı döşlüyünün ətəyi ilə tutaraq götürüb sobanın qabağındakı məcməyiyə qoydu. Sonra qonaq qızın qabağına təmiz kətan süfrə saldı. Motal pendiri ilə nazik buğda yuxası gətirdi. Oğlan da gəlib aşağı tərəfdə atasının yanında oturdu. Gülnisə onların da qabağına nimdaş bir süfrə saldı. Sonra qonağın boşqabını doldurdu.
Qız üst-üstə qalanmış kələm dolmasına baxaraq gülümsədi:
– Mən bu qədər yeyə bilmərəm. Bir az götürün.
Gülnisə: – Niyə yemirsən. Cavan adamsan, – deyib əri ilə oğluna bir qabda çəkdi və qazanın dibində qalanı da öz qabağındakı mis kasaya qoydu. Oğlan qızın iki barmağı ilə tutduğu çörək tikəsini dolmanın suyuna necə ehtiyatla batırdığını görərək: – Niyə çəngəl gətirmirsən? – deyə anasına baxdı.
– Heç yadıma düşməyib, – deyərək Gülnisə yuxarı başdakı stolun yeşiyindən bir çəngəl gətirib qıza verdi. Özləri isə əl ilə yedilər.
…Yalnız indi Bəndalı kişi qonağın üzünə baxmadan:
– Soruşmaq eyib olmasın, qızım, – dedi, – bura nə işə gəlmisən?
– Mən zootexnikəm,– deyə qız cavab verdi. – Ağdam rayonunda işləyirdim. Mən olduğum arteli qonşu artellərlə birləşdirib böyütdülər. Yerli zootexnik var idi. İkimizdən birimiz qalmalı idik. Xahiş elədim məni dəyişsinlər. O, evli-eşikli adam idi.
– Nə olar… Lap yaxşı eləmisən, – deyə Gülnisə cavab verdi və gülümsəyərək oğluna işarə elədi. – Elə Şahlar hey «zootexnik» deyib dururdu. Axı, indi sədrin yerinə o baxır.
Oğlan qızardı.
– Əşi, sən allah bəsdir. Sədrin yerinə baxmaq bir böyük iş-zad deyil ki.
Gülnisə oğlunun sözlərinə əhəmiyyət verməyərək:
– Əziz canın üçün, – deyə yenə də qıza müraciət elədi, – heç razılıq vermirdi. Deyirdi dərsim yarımçıq qalıb. Oxuyacağam. Camaat əl çəkmədi. Keçmiş sədri birillik kursa göndəriblər. Özü də, insafən, çox yaxşı adamdır. İş biləndir. Adama qiymət qoyandır. Ona görə də camaat dedi ki, təzə sədr seçmək lazım deyil. Özü oxuyub gələnəcən yerində Şahlar işləyər.
Oğlan səbirsiz halda yerində qurcalandı.
– Pah atonnan, – dedi, – arvad elə bil lap nitq deyir.
Bəndalı kişi ayağa qalxaraq:
– Yaxşı, ay arvad, dur, yer sal, – deyib bayıra çıxdı. Şahlar da qalxıb atasının ardınca getdi.
Səlimə (qızın adı belə idi) səhərdən bəri ilk dəfə olaraq ayağa durub, otağın yuxarı tərəfində qoyulmuş stola yaxınlaşdı. Qılçaları hələ də göynəyirdi. Stolun üstünə cürbəcür şüşə qablar düzülüb, ortaya da güzgü ilə yanaşı balaca bir radio cihazı qoyulmuşdu. Güzgünün aynası ilə taxtası arasına Şahların əsgərlikdə olduğu zaman ukraynalı bir yoldaşı ilə müxtəlif görünüşdə çəkilmiş üç fotoşəkli sancılmışdı. Şahların düz fokusa zillənmiş gözlərində elə bir ifadə vardı ki, elə bil o, uzaqlardan anasına baxıb deyirdi: «Görürsənmi, mən necə oğlanam!..»
Dostunun üzündə də, insanın yüksək şairanə əhval-ruhiyyədə olduğu kimi coşqun bir təbəssüm var idi, Onun saçları yana daranıb, sağ gözünün üstünə tökülmüşdü.
Qız nədənsə Yesenini xatırlayıb gülümsədi. Sonra yenə Şahlara baxdı.
Gülnisə o biri otaqdan təzə döşəkağı gətirib, divar boyu qoyulmuş yeganə çarpayını rahladı. O, hərəkət etdikcə dolu bədəni yırğalanır, qədimsayağı tikilmiş köynək və arxalığının qolları havanı dalğalandırırdı.
– Gəl, yat, bala, yorğun-üzgünsən, – deyə Gülnisə qıza tərəf döndü. – Yastığının üzünü bu səhər dəyişmişəm.
Səlimə çarpayıya baxaraq:
– Deyəsən axı, – dedi, – mən Bəndalı əminin yerini tutdum.
– Yox, bu, gədənin qaravatıdır. Bəndalı ilə mən o biri otaqda yatırıq. Sonra gülümsəyərək əlavə etdi: – Keçən gecə səni tərlətmək üçün burada, peçin böyründə yatırtmışdıq… Kişi səhərə qədər ocağı dəmləyib…
Səlimə şaşqın nəzərlərlə arvada baxaraq:
– Bəlkə, – dedi, – mən yenə dünənki yerimdə yatım…
Gülnisə qızın tərəddüdünün səbəbini hiss elədi:
– O da sənin kiçik qardaşın, nədən utanırsan… Soyun, gir yerinə. Mən də gedim onları rahatlayım.
Arvad o biri otağa keçdi. «Kiçik qardaş» sözü bayaqdan bəri birinci dəfə olaraq özünün Şahlardan azı iki yaş böyük olduğunu qıza xatırlatdı… O, ömründə birinci dəfə olaraq, illərin necə sürətlə gəlib keçdiyini məyus bir hisslə düşündü. Və yavaş-yavaş soyunduğu zaman onun nəzərləri təkrar Şahların fotoşəklinə zilləndi. Həmin bu oğlan dünən gecə onu ölümdən qurtarıb…
Gülnisə bir azdan sonra qayıdıb, çarpayının qabaq tərəfində, sobanın böyründə yerə özü üçün nimdaş, lakin çox təmiz bir döşək salıb, üstünə də iriqotazlı bir mütəkkə ilə ağkəfrəmli yorğan tulladı. Halbuki o biri otaqda üst-üstə yığılmış altı-yeddi dəst ipək yorğan-döşəyi var idi. Lakin onlar qonaq üçün idi. Özü nə cür olsa yola gedərdi. Təki qonaq hörmətlə yola salınsın. Qartallı Dərədə adətdir: ən yaxşı yorğan döşəyi qonaq üçün saxlarlar. Ən ləzzətli yeməyi qonağın qabağına qoyarlar. Qonaqsız ev nəyə lazımdır…
Lakin Gülnisə gözünün ağı-qarası bircə oğlunun da çarpayısını həmişə gəlin kimi bəzəkli saxlardı. Onun qırmızı ipəkdən tikilmiş mütəkkəsinin hər iki başından qızıl zərli qotazlar asmışdı. Çarpayının qabağında divara qiymətli əlvan bir xalça vurmuşdu. Xalçada tüfəngi üzünə götürüb, ceyran qovan bir cavan atlı təsvir olunmuşdu.
Qartallı Dərədə ən yaxşı xalçaçılardan biri sayılan Gülnisə bu xalçanı oğlu Şahların bəxtinə toxumuşdu. O zaman Şahların beş yaşı var idi. Yanaqları potuş, qaragöz bir uşaq idi. Ağız-burnu həmişə qatığa, ya da yumurta sarısına bulaşmış olardı. Xalça toxunub qurtarandan sonra hanakəsdiyə gələn qız-gəlinlər ona baxıb «Sənin barmaqların qızıldır, ay Gülnisə! – demişdilər. – Gün o gün olsun ki, Qarabalan da (Şahlara uşaqlıqda belə deyərdilər) böyüyüb belə ceyran qovan bir igid olsun».
Gülnisə də «Sizinkilərlə birlikdə!» deyib, ürəyində əhd eləmişdi ki, Qarabala böyüsün, ərgən oğlan olsun, Gülnisə də gəlin otağı bəzəyib, bu xalçanı onun çarpayısının dalına vursun.
Budur, indi Qarabala böyüyüb, maşallah, boylu-buxunlu bir igid olub. At belinə qalxanda qızlar tamaşasına dururlar. Hələlik gəlini olmasa da eybi yoxdur. Dərdindən ölən nə çox. Zarafat deyil, iyirmi iki yaşında camaatın bu cür etimadını qazanıb, sədrin yerində işləməyi bu boyda kənddə ona tapşırıblar. Tu… tu… Bədnəzərdən uzaq olsun, danışanda deyirsən bəs vəzirdir. Odur ki, Gülnisə yeriyəndə elə bil ayağının altında yer tərpənir. Səliqə ilə daranıb, tən ortadan ayrılmış qapqara saçlarında bir danə də ağ tük görünmürsə heç kəs onu arsızlıqda təqsirləndirməz! Allah saxlasın, Şahlar kimi oğul anasının nə dərdi olacaq?!
Səlimə soyunub çarpayıya uzandı. Gülnisə, gecə tez sönməsin deyə, maşa ilə sobanın gözünü qabağa çəkib üç-dörd yaş odun qoydu. Sonra ayağa qalxıb:
– İşığı söndürüm, yoxsa yanılı qalsın? – deyə qızdan soruşdu.
– Mənim üçün təfavütü yoxdur. Nə cür istəyirsiniz…
Arvad işığı keçirərək, qaranlıqda soyunub yerinə girdi. Səlimə, bayırda küləyin vıyıltısını dinləyərək yorğanına büründü. Yeri yumşaq və rahat idi. Yorğan-döşəkdən xoş bir qoxu duyulurdu, Qız bu çarpayıda, onu ölümdən xilas edən oğlanın yatmış olduğunu, bu xoş qoxunun ondan qaldığını bakir bir utancaqlıqla xəyalından keçirdi və o, evin qaranlığı içində sobanın gözlərindən düşən işığın xalça üzərində titrəməsinə baxaraq təkrar Şahlar haqqında düşündü. «Maşallah, yaxşı oğlandır». Və birdən qız hələ də aksentlə danışan özbək anasını xatırladı. Səlimə də Şahlar kimi ata-anasının bircəsi idi. Anasının heç bir qohum-əqrəbası olmadığından meylini qızına salmışdı. Görəsən anası, dünən gecə onun başına gələn əhvalatı bilsəydi, bu cavan oğlana necə təşəkkür edərdi?!
Birinci dəfə rayona getdiyi vaxt, onu ötürmək üçün vağzala gələn anasının qatarın birinci zəngi vurulduqda özünü saxlaya bilməyərək ağladığını xatırladıqda, qızın gözləri doldu və o, yanağı ilə yuvarlanıb onu ölümdən xilas etmiş oğlanın yastığı üzərinə düşən isti damcının tappıltısını eşitdi.
Bütün bunlar onun uşaqlıqda eşitdiyi nağıllara bənzəyirdi.
– Yatmısan? – deyə Gülnisə arvad, yerində qurcalanaraq, qaranlıqda səsləndi.
– Xeyr.
– Anan indi deyir görən qızım haradadır…
– Yəqin ki…
– Neyləsin, gözünün ağı-qarası bircə balasısan. – Sonra, ah çəkərək əlavə etdi: – Tək övladı olmaq ana üçün çətindir.
Bir qədər susduqdan sonra pıçıltı ilə soruşdu:
– Ərin varmı?
– Xeyr.
– Siz şəhər qızlarının da işi lap nağıldır. Gözəl-göyçək qızsan, tay nəyi gözləyirsən… «Lap istəyir dünya gözəli olsun. Vaxtı keçmiş şamamanı kim üzəcək?!» – deyə arvad ürəyindən keçirdi.
Səlimə gülümsədi.
– Bəndalı məni götürüb qaçanda heç bilmirdim dünyada nə var, nə yox…
– Neçə yaşınız var idi?
– Neçə yaşım olduğu yadımda deyil. Ancaq onu bilirəm ki, rəhmətlik qayınanam düz iki il məni özü ilə ayaq-baş yatırtdı.
– Bəndalı əmi sizdən çox böyük idi?
– Bəs nədi… Bəndalı onda adlı-sanlı qaçaq idi.
– Bəs necə oldu ki, siz qaçağa getdiniz?
– Nə bilim, oldu da… Bir qədər susduqdan sonra əlavə etdi: – Bəndalı hökumətdən qaçmışdı, camaatdan yox.
– Nə üstə qaçmışdı?
– Adam öldürmüşdü.
Son sözləri deyərkən arvadın səsinin ahəngindəki biganəliyə Səlimə təəccüb etdi.
– Niyə öldürmüşdü?
– Yuxun gəlmir? – deyə arvad mehriban ifadə ilə soruşdu.
– Yox.
– Bilirsənmi, Bəndalının atası Alıhüseyn kasıb da olsa sayılan adam idi. Ona görə də hacı Tanrıverdi uşağı ona bata bilmirdi.
– Hacı ilə düşmənçilikləri var idi?
– Bəli, Alıhüseynin tayfası ilə hacı Tanrıverdi uşağı arasında köhnə ədavət var idi.
– Nə ədavət?
– Düzü, orasını yaxşı bilmirəm. Ancaq hacı Tanrıverdi uşağı çox idi. Divan-dərədə də sözləri keçirdi. Uyezd naçalniyi Fərəc bəyin ana tərəfdən onlara qohumluğu çatırdı. Bu tərəfdən isə karlı adam elə bir Alıhüseyn qalmışdı. Ona görə də Tanrıverdi uşağı onu ortadan götürməyə çalışırdılar. Odur ki, əllərinə girəvə düşən kimi keçirmədilər.
– Nə cür? – deyə qız maraqla soruşdu.
– O vaxtlar, qışda camaat enib aşağı aranda qoyun saxlayırdı. Bir gün hay düşdü ki, İran atlıları haramıda (haramı, qışda qoyun saxladığımız yerə deyirdik) hacı Tanrıverdi uşağının qoyununu yığıb keçirdiblər Arazın o tayına.. Bu əhvalatı onlar Alıhüseynin üstünə yıxdılar. Dedilər guya, İran atlılarına bələdçilik eləyən o olub.
– Onlar bunu necə sübut eləyə bildilər?
– Alıhüseyn də, torpağı sanı yaşasın, bizim bu gədə kimi çox atbaz idi. Çapqından bir neçə gün qabaq o, Şahsevənlərdə yaxşı bir at sorağı alıb keçmişdi o taya. Hacı Tanrıverdi uşağı da bunu əllərində dəstavüz tutub divana danos verdilər. Fərəc bəy on iki atlı ilə obaya gəlib Alıhüseyni tutdu. Camaat bilirdi ki, nahaq işdir. Ona görə də bir dəstə ağsaqqal naçalnikin hüzurunda and içdilər ki, Alıhüseynin bu işdən xəbəri yoxdur. Fərəc bəy tərs adam idi. Anda-zada inanan deyildi. O biri tərəfdən də dediyim kimi hacı Tanrıverdi uşağına qohumluğu çatırdı. Alıhüseyni götürüb apardı Şuşa qalasına.
Gülnisə susdu. Hələ də davam edən küləyin vıyıltısı eşidilirdi.
– Bəs sonra nə oldu?
– Həmin günün səhəri küy düşdü ki, Bəndalı naçalniyi öldürüb qaçıb.
– Nə cür öldürmüşdü?
– O vaxt Bəndalı, atalı-analı olsun, elə Şahlar yerdə imiş. Alıhüseyn tutulan günün səhəri gedir çıxır naçalniyin dəftərxanasına. Qapıda dayanan strajniklərə deyir ki, guya ağa üçün vacib xəbər gətirib. İzin verirlər, girir içəri. Nə qədər minnət-sünnət eləyir, bir şey çıxmır. Naçalnik qəzəblənib söyüş eləyir. İş belə olanda, gədənin cibində tapança varmış, Fərəc bəyə dalbadal üç güllə vurub özünü pəncərədən atır küçəyə. Dalınca tökülüb nə qədər güllə-zad atırlar, bir şey çıxmır. Özünü Daşaltına verib qalxır Topxana meşəsinə.
Xeyli sükutdan sonra qız soruşdu:
– Bəs sizlə evlənməyi nə cür oldu?
– Bu uzun əhvalatdır. Yat, yorğunsan.
– Yuxum qaçıb.
Sükut. Soba gurhagur yanırdı.
– Gülnisə xala, yatdınız?
– Xeyr. Xəyalım keçmiş günlərə getdi… Dünyadır da.
– Danışın, necə oldu ki, siz Bəndalı əmiyə getdiniz?
– Mən getmədim, özü apardı.
– Yəni götürüb qaçdı?!
– Bəli.
– Səni harada görmüşdü?
– Öz evimizdə. Qapıda oturub nehrə çalxalayırdım. Bir də gördüm dağın dalından bir dəstə atlı çıxıb obaya girdi. Qabaqda, ucaboy, qaşqa kəhər minmiş bir oğlan gəlirdi. Yay vaxtı olduğundan kişilər peşqurd üçün arana getmişdilər. Ona görə də irəli çıxan olmadı. Qabaqda gələn həmin oğlan atının başını çəkib məndən soruşdu:
– Qızlar, hacı Fərhadın evi hansıdır?
Mən cəld ayağa qalxıb dedim:
– Buradır.
Atlılar gəlib töküldülər qapıya. Hamısı tüfəngli idi. Həmin cavan oğlan belinə patronla dolu üç kəmər bağlayıb, ikisini də çal-çarpaz çiyinlərindən aşırmışdı. Beli o qədər nazik idi ki, üzükdən keçərdi. Mən ömrümdə belə yaraşıqlı, yaxşı geyinən oğlan görməmişdim. Onun ayaqlarında güzgü kimi parıldayan bizburun, uzunboğaz çəkmə, başında bahalı gümüşü dəridən papaq var idi. Sağ böyründən qızıl dəstəli onatılan asılmışdı. Anam ağzında yaşmaq, bu oğlanın qabağına yeriyib: – Xoş gəlmisən, Bəndalı, – deyəndə mən atlıların kim olduqlarını başa düşdüm. O vaxt, bütün mahalda qaçaq Bəndalıdan danışırdılar.
– Xoş günün olsun, bacı, – deyib oğlan ədəblə cavab verdi. Onun anamla danışanda utancaq uşaq kimi başını aşağı dikməsi, səsindəki yumşaqlıq mənə çox təəccüblü gəldi. O vaxtacan mən ayrı cür fikirləşirdim. Elə bilirdim qaçaq Bəndalı çox zəhmli, acıqlı bir kişidir. Haqqında elə şeylər danışırdılar ki… – Buyurun içəri, – deyə anam təklif elədi.
– İçəri isti olar, bacı, elə burada oturarıq, – deyə oğlan, sapı ceyran ayağından olan qamçısını çəkməsinin boğazına sancdı. Anam təzə xalça gətirib, qapıya salanda o soruşdu ki, bəs hacı özü haradadır? Anam cavab verdi ki, biçin üstünə gedib.
Oğlan başını aşağı salıb, yavaş səslə dedi:
– Yaxşı olmadı.
Anam qonaq-qara görmüş arvad idi. Əli ilə yaşmağını tutub: – O nə sözdü Bəndalı, – dedi. – Hacı oldu-olmadı, öz evindir.
Burada Gülnisə susub qaçaqbaşının birinci dəfə ona saldığı nəzəri xatırladı. Uzun illər, çoxdan sovuşub getmiş gənclik o ilk baxışın təsirini silib apara bilməmişdi. Qaragöz cavan qaçağın xəncər kimi iti nəzərləri, o zaman on dörd yaşlı ətli-canlı sağlam bir qız olan Gülnisənin ürəyinə həm bir vahimə salmış, həm də gənc bir qız olduğunu ona xatırlatmışdı. Anası böyründən keçərkən himlə onu içəri çağırıb: – Batmış – deyə pıçıldamışdı, – yekə, nişanlı qızsan, utanmırsan? Üz-gözü açıq, ağzını əngəldib cahil oğlana baxırsan?
– Sonra nə oldu? – Səlimə səbirsizliklə soruşdu.
– Həmin əhvalatdan bir neçə vaxt keçmişdi. Bir gün mən qızlarla çölə, dovğa pencəri yığmağa getmişdim. Bir də gördük Bəndalı öz atlıları ilə böyürdən çıxdı. Əvvəl heç nə anlamadıq. Mən yenə də ağzıma yaşmaq vurmağı unudub, qaçaqbaşıya baxırdım. O, atını səyirdib yanımıza gəldi. Heç bir söz demədən məni qaldırıb, yəhərə basdı.
– Qışqırdınız?
Gülnisə xeyli susdu. Nəhayət: – Yox, – dedi, – qışqırmadım.
– Bəs qorxmadınız?
– Nədən qorxacağam. Yeməyə aparmırdı ki…
– Axı deyirsiniz nişanlı idiniz…
– Orası eləydi… Ancaq nə bilim… qorxmadım…
Səlimə qaranlıqda gülümsədi.
– Sizi hara apardı?
– Öz obalarına.
– Bəs nişanlınız nə elədi?
Gülnisə ah çəkərək:
– Heç nə, – dedi,– nahaqca yerə bir qızın üstündə özünü heyf elədi. Axı o da özünə görə bir oğlan idi. Tay-tuşu var idi. Dayanıb baxa bilməzdi ki… Özü də doğmaca əmim oğlu idi.
Gülnisə yenə də susdu. – Sonra məni, – dedi, – gərdəyin dalına yenicə oturtmuşdular ki, «Bəndalı hey!» – deyə uzaqdan çağırdılar. Səsi o saat tanıdım. Pəncərədən baxıb gördüm ki, tək atlı gəlib dayanıb kəndin qənşərində, balaca təpə var onun üstündə.
– Kim?
– Əmim oğlu. Bəndalı indi yatdıqları otaqda oturub yoldaşları ilə çörək yeyirdi. Səsi eşidən kimi çölə çıxdılar. Əmim oğlu Bəndalını görüb qışqırdı:
– Kişisənsə, atını min, çıx düzə. Mən sənin atlılarına göstərmək istəyirəm ki, özgənin nişanlısını binamus oğru kimi çöldən götürüb qaçıranın anasını necə ağlar qoyarlar.
Yoldaşları yüyürüb tüfənglərini götürəndə Bəndalı qoymadı.
– Kişisiniz, – dedi, – o mənim üstümə tək gəlib.
Sonra bu otağa girib tüfəngini götürəndə mən özümü saxlaya bilməyib, ayaqlarına yıxıldım: – Arada qan olmasın, – dedim. O məni kənara itələyib, «Sən otur yerində» – dedi. Sonra bayıra çıxıb yoldaşlarına and içdi ki, onun köməyinə gələni öz əli ilə öldürəcək. Anası, bacıları qabağını kəsdilər. Olmadı. Atını minib sürdü çölə. Səngərə girib bir saatdan artıq vuruşdular. Mən pəncərənin qabağında durub güllə səsi gələn tərəfə baxırdım. İkisinin də tüfəngi dalbadal açılırdı. Mən allaha yalvarırdım ki, ziyanlıq olmasın. Sonra ikisi də atın belinə qalxıb, güllə ata-ata bir-birinə tərəf çapdılar. Mən əllərimlə üzümü tutub yerə çökdüm. Birdən ikisinin də tüfənginin səsi kəsildi… Hay düşdü, ki, ikisinə də güllə dəyib…
Gülnisə susdu. Sonra yavaş səslə dedi:
– Əmim oğlu elə güllə dəyən kimi rəhmətə getmişdi. Bəndalı isə dörd yerdən yaralanmışdı. Düzü, heç sağalmağına ümid yox idi. Ancaq görünür kəndiri üzülməmiş imiş.
– Demək, aralığa qan düşdü.
– Bəli. Ancaq camaat qoymadı qırğın olsun. Tökülüb barışıq elədilər.
– Bəs nə əcəb sizinkilər barışığa razı oldu?
– Çünki arada qız məsələsi var idi. Əgər mən düşmən qapısında olmasaydım bəlkə də barışmazdılar. Atamgil tikanlı adamlar idi.
Lap yaxında xoruz banladı. Sonra haralardansa ona səs verdilər. Sobadan düşən işıq sönmüşdü. Bayırda küləyin vıyıltısı yavaşımışdı.
– Bəndalı əmi neçə il qaçaq oldu?
– Sovet gələnəcən.
– Yəqin ki, çox əziyyətlər çəkmisiniz…
– Bəndalının əziyyətinin yanında mənimki nəydi… İyirmi dörd il gecə-gündüz at belində olmaq zarafat döyüldü. O dözürdü, gərək mən də dözəydim. Canım-canından artıq döyüldü ki…
Xoruzlar bir ağız da banladılar. Gülnisə əsnəyib o biri böyrü üstə çevrildi.
– Yat. Gecə keçir. Səhər açılsın, xeyir gəlsin.
Bu sözləri deyərkən onun səsində gələcəyə qarşı möhkəm bir ümid var idi. O, qaçaq ərinin dağda-daşda ömür sürdüyü o ağır günlərdə özünün keçirdiyi iztirabları, qorxu nə əzabları heç bir zaman heç kəsə söyləmədiyi kimi indi bu şəhərli qızına da demirdi. Bəlkə bunu heç Bəndalı özü də bilmirdi. Yəqin o hisslər, o xatirələr bundan sonra da kimsəyə söylənilmədən Gülnisə ilə birlikdə qəbrə gedəcək. Bunlar Gülnisə üçün iki gözü kimi əziz idi və başqa birisinin bilib-bilməməsi də onun üçün qətiyyən maraqlı deyildi. O çəkdiyi bütün əziyyətlərə baxmayaraq, indi özünü xoşbəxt hesab edirdi. İnsan gərək nankor olmasın. Gülnisə arxayınlıqla yuxuya getdi.
Səlimənin isə yuxusu gəlmirdi. Bəndalı kişinin sakit və ciddi çöhrəsi, qorxu və atışmalarda keçmiş həyatı elə bil ki, bayırda hərdən-hərdən səslənən küləyin arxasında, onun qopub gəldiyi yerlərdə hələ də davam edirdi. Elə bil ki, dünyada heç nə itmirdi. Heç nə məhv olmurdu. Elə bil ki, uşaqlıqda eşitdiyi nağıllar da həmişə yaşayır…
* * *
Səhər çaydan sonra:
– İdarəyə getmək istəyirsinizmi? – deyə Şahlar qızdan soruşdu.
Səlimə oğlanın onunla nə üçün belə qaşqabaqlı danışdığına təəccüb edərək:
– Əlbəttə, – deyə cavab verdi.
(Səlimə bilmirdi ki, bu yerlərdə cavan oğlanın, ata-anasının yanında gənc qız-gəlinlə üzügülər danışması böyüklərə qarşı hörmətsizlik sayılır.) Qız qalxıb son dəbdə tikilmiş gödək paltosunu geyərək şərfini örtdü. Sonra Bəndalı və Gülnisə ilə salamatlaşaraq oğlanla birlikdə otaqdan çıxdı.
Kənd, şimaldan və şərqdən uca dağlarla əhatə olunmuş vadidə yerləşmişdi. Cənub tərəfdə Qurdbasan gədiyin aşırımı görünürdü. Hər tərəfi qar basmışdı. Şahlarla qız onlardan əvvəl gedib-gələn adamların saldığı cığırla idarəyə tərəf gedirdilər. (Bəndalı kişinin evi kəndin lap yuxarısında idi.)
– Srağagün siz mənim ucumdan yamanca əziyyət çəkmisiniz…
– Nə bildiniz? – deyə oğlan xəfif təbəssümlə soruşdu.
– Necə nə bildim… – deyə qız onun birdən-birə belə üzügülər olmasına sevinərək, özündə bir yüngüllük hiss etdi.
– Nə əziyyət çəkmişəm, – deyə oğlan cavab verdi. Və bu zaman qənşərindən keçdikləri birmərtəbə evin eyvanında, əlləri gödəkcəsinin ciblərində dayanmış, qısaboylu kişini görüb: – Sabahın xeyir, əmi, – dedi. – Nə əcəb heyvanın yanına getməmisən.
– Getməyin nə faydası var, – deyə kişi gözünü onlardan çəkib başqa səmtə baxaraq, qaşqabaqlı cavab verdi. – Heyvan silosa dilini də vurmur.
– Heyvan neyləsin, – deyə oğlan hirsləndi. – Silosu elə kökə salmamısınız ki, dilinə vura bilsin.
– Sən bu il düzəldərsən, – deyə kişi üzü o yana cavab verdi. Oğlan qıpqırmızı oldusa da bir söz demədi.
– Kişi doğrudan sizin əminizdir? – deyə bir qədər aralanandan sonra qız soruşdu:
– Bəli, əmimdir, – deyə oğlan könülsüz cavab verdi.
– Rayon mərkəzində Çıraq dayı mənə dedi ki, yem barəsində işiniz bir az çətindir.
– Bir az yox, çox çətindir. Otumuz lap az qalıb. Keçən yay bərk quraqlıq keçdiyindən lazım olan qədər ot yığa bilməmişik. Silos da ki…
– Görünür silosu vaxtında yaxşı hazırlamamısınız.
– Elədir. Bizim bu camaatın silosla, qarğıdalı ilə işi yoxdur.
– Nə üçün?
– Deyirlər, qarğıdalı heyvanın ətini-südünü xarab eləyir.
– Axı nəyə əsasən belə deyirlər?
– Əsasa-zada baxan kimdir. Bir dəfə başlarına girdi, qurtardı.
– Sədriniz kursa çoxdan gedib?
– Xeyr, iyirmi beş gündür.
Oğlan, bir qədər susduqdan sonra əlavə etdi: – Sədr neyləsin.
– Siz keçən il burada deyildiniz?
– Xeyr. Mən əsgərlikdən üç-dörd aydır gəlmişəm. Siz işlədiyiniz kənddə vəziyyət necədir?
– Pis deyildi. Bizdə də ot az olmuşdu. Ancaq silosu yaxşı hazırlamışdıq. Heyvanlar yaza çıxarlar.
– Silosu qarğıdalıdan qoymuşdunuz?
– Bəli.
– Bizim işimiz uzundur, – deyə oğlan kimlərin qarasına isə acıqlanaraq cavab verdi. – Nə əcəb siz heylə yaxşı camaatı qoyub bura gəldiniz?
– Bəyəm sizin camaat pisdir? – deyə qız gülümsədi.
– Camaat pis deyil. Ancaq içində tərs adamlar çoxdur.
Onlar birmərtəbəli kolxoz idarəsinə çatıb eyvanda ayaqlarının qarını çırparaq içəri girdilər. İdarə xidmətçisi Pərnisə xala, ortada gurhagur yanan dəmir sobanın böyründə kətil üstündə əyləşib corab toxuyurdu. Yaşının altmışdan keçməsinə baxmayaraq, gözləri yaxşı görürdü.
Səlimə salam verib, paltosunu çıxartdı.
– Əleykəssalam, – deyə Pərnisə xala işinə ara verib ona baxdı. – Xoş gəlmisən.
Qız paltosunu qapı yanındakı asqıya keçirtdi və stul çəkib sobanın yanında oturdu. Şahlar sədr stolu arxasına keçdi.
Sonra o, dəftər-kitabı tökərək təsərrüfatın vəziyyəti ilə yeni zootexniki tanış etdi. Artel iki yüz səksən evdən ibarət idi. Keçən ildən dövlətə borcları yox idi. Lakin budur, qış qapını yaman kəsib. Beş yüz başdan artıq mal-qara aclıq qorxusu altındadır. Aşağı qışlaqda olan qoyunların da vəziyyəti yaxşı deyil. Orada da dişə dəyəsi bir şey yoxdur.
Silos pis qoyulduğundan xarab olub, Şahların əmisi Sevdimalı kişi deyən kimi heyvan dilini vurmur.
– Gedək tövlələrə bir baş çəkək, – deyə qız təklif etdi.
– Nə olar, gedək, – deyə oğlan ayağa qalxdı.
…Tövlələr kəndin qurtaracağında idi. Heyvanlar hələlik arıq düşməmişdilər. Xüsusən Rusiyadan gətirilmiş cins inəklər yaxşı idilər. Döllük Don kələsinin isə kefi lap kök idi. Görünür bunların yem payları hələ azaldılmamışdı. Başqa axurlara qoyulmuş silos olduğu kimi qalmışdı. Səlimə əyilib baxdı, pis çürüntü iyi verirdi.
– Heyvanlardan azarlayıb eləyəni yoxdur ki? – deyə Səlimə baxıcı qadından soruşdu:
– Hələ ki, yoxdur, – deyə qadın könülsüz cavab verdi.
Gödəkboylu Sevdimalı kişi irəli yeriyərək:
– Heyvanı azarlatsa budey bu zəhrimar azarladacaq, – deyə axurdakı silosa işarə elədi. – Axı, qarğıdalı nədir ki, onun şorabası da nə olsun.
Səlimə gülümsədi.
Şahlar isə:
– Əşi, Sevdimalı əmi, yenə başlama görək, – deyə hirsləndi. – Deməli, o boyda Amerikanın səncən ağlı yoxdur?
– Ayrı vaxt Amerikanın böyüklərinin qarasına hey deyinib durursan, – deyə Sevdimalı kişi özündən çıxdı. – İndi nə oldu, qarğıdalı məsələsi ortaya gələndə Amerika ağıllı çıxdı?
– Əşi, qarğıdalı məsələsinin ona dəxli yoxdur. Başa düş.
– Başa düşmürəm. Mənim dədəm-babam heyvanını qarğıdalı ilə bəsləmişdi?
– Bəs dədən-baban heyvanını bu cür ağ otaqlarda saxlamışdı?
Sevdimalı əmi:
– Heyvanı bəy kimi oturt ağ evdə, – deyə artist kimi əllərini havada oynatdı, – qabağına da tök çürümüş qarğıdalı şorabasını, sonra da başla ki, niyə bunun südü belə oldu, buzovu heylə.
– Silosu sənin kimiləri bu kökə salıb!
– Mənim kimləri necədir bəyəm? – deyə Sevdimalı əmi lümə xoruz kimi pırpızlandı.
– Necə olacaqsınız, eyzən geri çəkirsiniz.
– Təqsir bizdədir ki, sənin kimi güc… (Sevdimalı əmi qıza baxıb sözünü dəyişdi) Sənin kimi ağzından süd iyi gələn uşaqları çıxarmışıq başımıza.
Səlimə söhbətin davaya çevrildiyini hiss edərək:
– Sevdimalı əmi, – dedi, – heyvanları hər gün havaya çıxarırsınızmı?
Birinci dəfə gördüyü bu nərmə-nazik qızın ona adı ilə müraciət etməsi ferma müdirinin xoşuna gəldi və o, bir az yumşalaraq yavaş səslə:
– Xeyr, – dedi, – bu qarda-qiyamətdə nə hava? Durublar isti yerdə.
– Soyuğun eybi yoxdur, Sevdimalı əmi, heyvanların hamısını gündə üç dəfə təmiz havaya çıxarmaq lazımdır.
Kişi qızın üzünə baxmadan cavab verdi:
– Nə ola, düz deyirsiniz. Keçmişdə burada bizim bəylərimiz var idi, onlar da həmişə gündə üç dəfə havaya çıxardılar.
Bayaqdan bəri dayanıb söhbətə qulaq asan iki cavan oğlan pıqqıldayıb, əlləri ilə ağızlarını tutdular.
Qız:
– Görünür, – dedi, – kişilər canlarının qədrini bilirmişlər.
– Əlbəttə. Bəs nədi… – deyə Sevdimalı kişi eyni ifadə ilə başını tərpətdi. Oğlanlar yenə də pıqqıldadılar.
– Bəsdirin! – Şahlar, qız eşitməsin deyə, pıçıltı ilə onlara təpindi. Sonra kişiyə müraciətlə bərkdən əlavə elədi:
– Əşi, Sevdimalı əmi, bu qızı bizə təzə zootexnik göndəriblər. Özü də ali məktəb qurtarıb. Tahirə ağlın getməsin. (Tahir keçmiş zootexnik idi. Texnikum qurtarıb üç il burada işləyəndən sonra ali məktəbə getmişdi.)
– Nə olar. Çox xoş gəlib, gözümüz üstə yeri var.
– Ancaq, – deyə Səlimə yenə də kişiyə müraciət elədi, – tövlələr çox təmizdir. Bu barədə heyvanların kefi kökdür. Axı keçmiş bəylər təmizliyi də sevirmişlər.
Cavanlar pıqqıldadılar. Hətta Sevdimalı kişinin də bığının altı qaçdı. Və o bu dəfə roldan çıxaraq, öz adi, təbii ifadəsi ilə:
– Bacıqızı, – dedi, – heyvanların indi yemdən qıtlıq çəkməsinin təqsiri, bax bunlardadır, – deyə Şahları göstərdi. – O vaxt mən də, başqaları da dedik gəlin qarğıdalıya ayırdığımız yerə yonca səpək, razı olmadılar.
– Yox, – deyə qız cavab verdi, – qarğıdalı əkmək lazımdır. Özü də çox əkmək lazımdır.
– Nə olar, – deyə Sevdimalı kişi qaşqabağını yenə də salladı. – Məndən olsa lap sarıbuğdanın da yerinə qarğıdalı əkərik. Elə özümüz də qarğıdalı çörəyi yeyərik, qarnımız yeldən dönsün nağaraya.
Oğlanlar yenə də pıqqıldadılar.
Qız cavab verdi:
– Buğdanın yerinə qarğıdalı əkməyimizə ehtiyac yoxdur. Biz sarıbuğda da əkəcəyik, qarğıdalı da, yonca da… Hələ desəniz darı da… Elə deyil ki?
– Görünür elədir.
…Sonra Şahlarla qız bayıra çıxıb, o biri tövləyə yaxınlaşdıqda içəridən ürəyəyatan, həzin qadın səsi ilə oxunan bir mahnı eşitdilər:
Əzizim gül üşüdü,
Şeh düşdü gül üşüdü.
Güldün ağlım apardın,
O gülüş, nə gülüşdü…
Bayaqdan bəri acıqlı olan Şahlar, qızın ayaq saxlayıb maraqla qulaq asdığını görərək, bilaixtiyar gülümsədi.
– Oxuyan kimdir? – deyə Səlimə soruşdu.
– Bizim Bağdagül adlı bir qızımız var.
– Sağıcıdır?
– Bəli.
Onlar içəri girdikdə, yüz iyirmi kilo ağırlığında olan Bağdagül bacının, kənarda bağlanmış iri və boğaz bir inəyin yanında dayanaraq onun boynunu əli ilə oxşaya-oxşaya oxuduğunu gördülər. İnək asta-asta gövşəyərək sanki arvadın mahnısına qulaq asırdı. Tövlənin yeganə pəncərəsindən düşən işıqda Səlimə oğlanın, «bizim qız» adlandırdığı Bağdagül bacının qırx beş-əlli yaşlarında yaraşıqlı bir qadın olduğunu seçə bildi. O, yad qızı görərkən nə təəccüb etdi, nə də mahnısını kəsdi. Elə bil ki, çoxdanın tanışı imişlər. Bağdagül bacı əvvəl qıza, sonra Şahlara baxıb, yeni bir bənd də oxudu:
Əzizim gülə bəndəm,
Bülbüləm gülə bəndəm,
Qəribəm ölkənizdə
Bir şirin dilə bəndəm.
Sonra birdən oxumağa ara verib:
– Xoş gəlmisən, – deyə qıza müraciət elədi. – Buralar sənə peşkəş. Maşallah, nə qəşəng zootexnikimiz var. Özbəksən?
– Xeyr, anam özbəkdir.
– Deyirəm axı necə oxşayırsan.
Sonra boğaz inəyə işarə ilə Şahlara dedi:
– Yetirhayetirdir.
Səlimə onun nədən danışdığını başa düşərək soruşdu:
– Neçə gün qalıb?
– İki-üç gün… – deyə arvad əlini inəyin boynuna çəkdi. – İki-üç gündən sonra sizə qəşəng bir bala verəcəyəm, özüm kimi təpəl olacaq. Xoşxasiyyət olacaq.
– Amma yaxşı oxuyurdunuz, – deyə Səlimə gülümsədi.
Şahlar dedi:
– Bağdagül xalanın hərdənbir inəklərinə belə konsert verməyi var.
– O sizin canınız üçün insan kimi hər şeyi başa düşürlər. Mən şad olanda, deyib-güləndə, zarafat eləyəndə görürəm bunların da kefi açılır… Elə ki, qəmgin oldum… – Arvad bir an susub, sonra ah çəkərək əlavə etdi: – Heyvandırlar dayna…
Qız soruşdu:
– Doğum otağınız yoxdur?
– Necə yəni doğum otağı? – deyə arvad təəccüb etdi.
– Tövlələrdən birini doğum evi eləyirlər. İçinə soba qoyurlar. Bu cür vaxtı çatan inəkləri ayırıb orada bağlayırlar.
– Bilmirəm, nə görmüşəm, nə də eşitmişəm.
Şahlar:
– Belə otaqlar olur, – dedi. – Mən əsgərlikdə olanda Ukrayna tərəfdə görmüşəm.
Səlimə gülümsəyərək zarafatyana dedi:
– Görmürsünüz, amma Bağdagül bacıya deməmisiniz.
Oğlan qaşlarını çataraq:
– Bu saat elə şeylər barədə düşünən kimdir? – dedi. – Qış başımızı elə qatıb ki, bilmirik heyvanları yaza necə çıxaracağıq.
– Bax, budur deyirəm, – Bağdagül bacı şəhadət barmağını havada silkələdi. – Mən bir də bundan sonra öz inəklərimə o qarğıdalı şorabasıdı, nə zibildi verməyəcəyəm. Başınıza söz girib, qarğıdalı…
– Sən də Sevdimalı əmi kimi başla görək…
– Sevdimalı lap düz deyir. Dünyagörmüş kişidir. Xüsusi mülkiyyət vaxtı Qartallı Dərədə ən yaxşı heyvan onda olardı. Camaat onun inəyinin balasının üstündə dava salardı.
– Bəs indi nə olub? – oğlan acıqlı soruşdu.
– Qoymursunuz kişi öz bildiyi kimi eləsin. Biriniz qarğıdalının ucundan tutub ucuzluğa gedir, o biriniz qarğıdalı şorabasından yapışırsınız. Sevdimalı yazıq başına nə kül töksün.
– Sən ölməyəsən, qəribə adamlardı, – deyə oğlan özündən çıxdı. – Deməli, bu elm-zad hamısı yalandır, dayna.
Bağdagül bacı tələsmədən cavab verdi:
– Mənim elmim odur ki, inəklərim yaxşı yesin. Kefi kök olsun, Sevdimalının bu işdə dünyacan təcrübəsi var.
Qız dedi:
– Elm də lazımdır, Sevdimalı əminin təcrübəsi də.
Bağdagül bacı qıza diqqətli bir nəzər salaraq cavab verdi:
– Nə olar. Buna sözüm yoxdur.
Sonra özünü əsdirə-əsdirə oğlandan soruşdu:
– Bircə de görüm, mənim bu qəşəng qızımı necə rahatlamısan?
– Kasıbın olanından, – deyə oğlan birdən-birə yumşalaraq asta səslə cavab verdi.
Qız da:
– Çox sağ olun, Bağdagül bacı, – dedi. – Mən lap yaxşı dincəlmişəm.
Bağdagül bacı:
– Qartallı Dərəni öz evin bil. Dünyadan uzaq olmağımıza baxma. Səni gözümüz üstündə saxlayacağıq.
Bayıra çıxdıqda qız gülümsəyərək, oğlana dedi:
– Siz bayaq əminizlə çox sərt danışırdınız…
– Axı neyləyim, – deyə oğlan yana-yana cavab verdi. – Görmürsünüz…
– Səbir lazımdır. Özü də sizin kimi cavan oğlana.
– Elə deyirsiniz ki, elə bil özünüz qocalmısınız…
– Neçə yaşınız var?
– İyirmi iki.
– Amma mənim iyirmi beş! Demək, sizə görə qocayam.
– Doğrudan, iyirmi beşdir?
– Niyə təəccüb edirsiniz?
– Belə baxanda o qədər vermək olmaz.
– Bəs nə qədər vermək olar?
– Çox olsa iyirmi…
Qız gülümsədi.
– Yoxsa kompliment deyirsiniz…
Oğlan kompliment sözünün mənasını əsgərlikdə bir polyak qızından öyrənmiş olduğuna sevinərək dərhal cavab verdi:
– Xeyr. Kompliment nə üçün… Doğrudan da, yaşınıza görə çox gənc görünürsünüz.
– Amma həqiqətdə isə qocayam, – deyə qızın qara özbək gözləri yenə də eyni şən təbəssümlə qıyıldı. – Sizin ananızı atanız götürüb qaçanda on dörd yaşı var imiş…
– Haradan bildiniz? – deyə oğlan təəccüblə soruşdu.
(Anasının neçə yaşında ikən atasına getdiyini o özü bilmirdi.)
– Mən hər şeyi bilirəm, – deyə qız zarafatında davam etdi.
Demək, əri yoxdur. Bəlkə də nişanlısı var… Kim bilir. Bu Sevdimalı əmim də qızın yanında ağzına gələni danışır… Yaman da əmimiz var… Anam da axşam ortalığa xörək çəkib qoyur, amma çəngəl yadından çıxır. Deyən görək bəs bunu nə üçün almışıq…
«İyirmi beş yaş!.. – deyə elə bu anda Səlimə qəlbində təkrar etdi. – Axşam anası yadından çıxarıb süfrəyə çəngəl qoymayanda bu oğlan nə yaman qızardı…».
Sonra birdən-birə üzərinə çökən kədərin səbəbini hiss etməyərək, oğlandan soruşdu:
– Görəsən bu qar neçə gün yerdə qalar?
– Kim bilir… On gün.. bəlkə də bir ay.
– Arada havalar açılıb gün olsa təzə ot çıxar. Yaz yaxınlaşır.
– Ağlınız kəsməsin hava tez açıla. Bu il qış sava gəlib.
Sonra gedib üzərini qar basmış çardaqların altında sükuta dalan ot tayalarına baxdılar. Tayalar rütubət qarışıq qurumuş boyçiçəyi ətri verirdi. «Beş yüz baş mal-qara üçün bu ot çox azdır», deyə qız düşündü.
Tayalardan birinin üstünə sağsağan qonaraq, tez-tez səslənirdi.
– İşimiz yaxşı olacaq, – deyə qız gülümsədi.
Oğlan soruşdu:
– Nədən bilirsiniz?
– Görmürsünüz sağsağan necə şadlıqla səslənir.
Oğlan dinmədi. Qızın zarafatı ona qəribə göründü. Çünki hər dəfə bu tayalara baxanda otun tezliklə qurtarıb mal-qaranın yemsiz qalacağı fikri onu dilxor edirdi.
– Gərək bir yol tapaq, – deyə qız ciddi ifadə ilə gözlərini uzaqlara zillədi.
Oğlan dedi:
– Təkcə bizim yerlər olsaydı dərd yarı idi. Bu il respublikanın hər tərəfində quraqlıq keçib. İşi də çətinləşdirən budur.
– Elədir.
– Ancaq, əlbəttə, hər yerdə vəziyyət bizimki kimi deyil. Məsələn, bu yaxında Sabir arteli var. Onların işini qarğıdalı düzəldib. Vaxtında əkib yaxşı məhsul götürüblər. Yaxşı da silos qoyublar…
…Onlar qayıdıb idarəyə gələndə beş-altı nəfər kəndli gurhagur yanan sobanın ətrafında halay vurub oturmuşdular. Otaq qəliz tənbəki tüstüsü ilə dolmuşdu. Dərhal söhbəti kəsib, təzə gələn qıza baxdılar. Şahlar sədr stolunun arxasına keçdi. Səlimə isə kətil götürüb, kəndlilərin yanında oturmaq istəyəndə hamısı hərəkətə gəlib, stullarını geri çəkərək, sobanın yaxınlığında qıza yer verdilər.
Aradan qısa bir sükut keçdi. Qəlyanını ağır-ağır tüstülədən yaşlı bir kişi kimsənin üzünə baxmadan təmkinlə:
– Yeprəmverdi deyib ki, düz üç ay bu cür qar olacaq.
Səlimə maraqla soruşdu:
– Yeprəmverdi kimdir, əmi?
Şofer Kərişlə üzüçapıq briqadir Xanhüseyn, hətta Şahlar da gülüşdülər.
– Yeprəmverdi, – üzüçapıq briqadir Xanhüseyn qıza izah elədi, – bu yanda, Şuşa qalası tərəfdə olur, keşiştəhər bir ermənidir. Deyirlər guya bir kitabı var, dünyada olacaq işlərin hamısı onda yazılıb.
Qoca dedi:
– Yəni bunun bir yalanı var ki, hırıldayırsınız? Yeprəmverdinin kitabını mən öz gözümlə görmüşəm.
– Bəs deyirlər o, kitabı heç kəsə göstərmir? – deyə kəndlilərdən biri dilləndi.
– Hamıya göstərməsə də Mövlamverdi babaya göstərər, – deyə üzüçapıq briqadir Xanhüseyn qəlyan çəkən qocaya işarə etdi. – Köhnə aşnadırlar.
– Sizə deyirəm ki, lap öz gözlərimlə görmüşəm, – deyə Mövlamverdi baba hərarətlə sözünə davam etdi, – vərəqləri saralmış, qaracildli köhnə bir kitabdır. Di gəl, onun hikmətinə bax. Balam, inişil xaç bayramında demişdi üç gün, üç gecə yağış yağacaq, yağdı yağmadı?
Şofer Kəriş o birilərinə göz vurub:
– Əşi, Mövlamverdi baba, – dedi, – bəs camaat danışır ki, Yeprəmverdinin Sağsağan dağındakı meteoroloji stansiyada bir bacısı qızı işləyir, guya hava haqqındakı məlumatın hamısını Yeprəmverdi dayısına o verir.
Mövlamverdi kişi oğlana sərt bir nəzər salaraq:
– Onu deyəndə qələt eləyir, – dedi, – sən də. Yeprəmverdi ilə biz dədə-baba dostuq. Dini ayrı olsa da, allah adamıdır. Dünyasında yalan danışmaz.
Sonra birdən daha da qızışaraq: – Ay küçük, – dedi, – o kişiyə nə düşüb yalan danışsın? Yalan demiş səndən-məndən pul istəyir, ya bir ayrı təmənnası var? Hamısı kitabdadır, başa düş.
– Ona görə ala çiçəklərin balını eyzən daşıyıb aparırsan Yeprəmverdiyə dayna.
– O sənin borcuna döyül, aparıram, birə beş də əvəzini götürürəm. Bu mahalda kimin arısı, maşallah, mənimkilər kimi işləyir?
– Yüz ilin arıçısısan…
– Yüz ilin arıçısı olmaqla döyül. Sən hələ uşaqsan, maşın sürməyinə baxma.
Bu zaman qapı açıldı. Əynində boynu çal dərili palto, başında eyni dəridən ortası batıq general papağı olan Çıraq dayı girərək salam verdi.
– Əleykəssalam, – deyə Mövlamverdi babadan başqa hamı yaşca Çıraq dayıdan kiçik olduğu üçün ayağa qalxdı.
– Yeriniz nə yaxşı istidir… – deyə Çıraq dayı yaşının səksəni keçməsinə baxmayaraq, biri də zədələnməmiş gözəl ağ dişlərini göstərib gülümsədi. Sonra stul çəkib oturaraq: – Ay Mövlamverdi, – dedi, – görəsən Yeprəmverdi bu qışa nə deyir?
Mövlamverdi baba qəlyanının gözlüyünə baxaraq, sərt cavab verdi:
– Hər nə deyir deyir də…
– Ay səni, Mövlamverdi… – deyə Çıraq dayı bərkdən güldü. Və birdən otağın yarıqaranlığında oturmuş Səliməni görərək: – Bıy, bacıqızı dirilib ki… – dedi. – Necəsən?
Və qızın cavabını gözləmədən əlavə etdi: – Amma yamanca donmuşdun. Şahlar böyürdən çıxmasaydı işlər əngəl olacaqdı.
Onun təzəcə təraş edilmiş çəhrayı sifətindən ətrafa bahalı odekolon ətri yayılırdı. O, papağını çıxarıb, dizinin üstünə qoydu. Çal saçları qısa vurulmuşdu. Qumral bığlarına yenicə dən düşürdü.
– Gecə o güllələri sən atmadın? – deyə Şahlar soruşdu.
– Mən atdım… Bu il canavarın ilidir, dedim, quduz dəymiş qabağınıza-zada çıxar.
– Yaman yerinə düşdü.
– Nə?
– Güllələr.
– Yəni bir şey var idi?
Oğlan söhbəti açdığına peşman olaraq gözlərini endirib, qaşqabaqla cavab verdi:
– Var idi.
– Əşi, nə deyirsən? Bir idi?
– Yox.
– Bəs neçə idi? Adam oğlusan, bir əməlli danış görək.
– Nə danışacağam, görünməmiş iş-zad deyil ki…
– Neçəydi? – deyə Çıraq dayı təkrar soruşdu.
– Deyəsən, dörd idilər. – Oğlan könülsüz cavab verdi.
– Bu nə deyir… Nə qayırırdılar?
– Nə qayıracaqdılar…
– Dişlərini itiləyirmişlər, – deyə şofer Kəriş, maraqla qulaq asan qıza baxıb gülümsədi.
– Bəs neylədin? – Çıraq dayı soruşdu.
– Neyləyəcəkdim, tapançam-zadım var idi?.. O güllələri atmasaydın…
Oğlan gözucu qız tərəfə ani bir nəzər salıb susdu. Daha heç nə söyləmədi.
Xanhüseyn dedi:
– Güllənin səsini eşidib əkiliblər.
– Siz ölmüyəsiniz, – deyə Çıraq dayı kəndlilərə sarı döndü, – elə bil o dəqiqədə biri mənə dedi ki, çıxar bir-iki güllə at… Sən demə, quduz dəymişlər ləzzətli tikə tapıbmışlar. – Çıraq dayı qıza baxıb bərkdən güldü.
– Kəndirləri üzülməyibmiş, – deyə Mövlamverdi kişi qəlyanını qurdalayaraq öz-özü ilə danışırmış kimi dilləndi.
Şofer Kəriş özünü tox tutaraq:
– Xıdır İlyas köməklərinə çatıb, – dedi.
Mövlamverdi kişi onun oxu hayana atdığını duyaraq:
– Axı beləsiniz ki, – dedi, – indi heyvana verməyə ot da tapmırıq. Yüzü addamışam, amma Qartallı Dərədə quraqlıq olduğunu görməmişdim.
– Yaxşı, əşi, bu ot məsələsində rayon bizə kömək eləyəcək ya yox? – deyə Şahlar Çıraq dayıya müraciət elədi.
Kişi qaşlarını çatıb, ciddi ifadə ilə cavab verdi:
– Rayon heç nə eləyə bilməyəcək. Özünüz başınıza çarə qılın. Bu saat hansı kolxozdan ot istəmək olar? Keçən quraqlıq hamını soxub qoz qabığına. Onlar da sizin kimi.
– Onda, deyirəm, mən iki-üç maşın götürüm aşım Ermənistana.
Araya qısa bir sükut çökdü.
Kəndlilərdən biri:
– Bu qiyamətdə, – dedi, – Ermənistana getmək olar?
Yol-iz hamısı tutulub.
Çıraq dayı:
– Özünüz bilin, əgər bir şey çıxarsa gedin. Oturub gözləməklə göydən ot düşməyəcək. Hər halda getməməkdən getmək məsləhətdir.
Şahlar:
– Ancaq özümüzdəki iki maşınla iş aşmaz. Heç olmasa ikisini də gərək sən düzəldəsən, Dörd maşın yenə bir şeydir.
Çıraq dayı bir an fikrə gedəndən sonra:
– Yaxşı, – dedi, – Sabir kolxozundan xahiş edərəm, iki maşın verərlər.
Sonra Çıraq dayı oturanlara müraciətlə soruşdu:
– Siz nə deyirsiniz?
– Biz nə deyəcəyik, – üzüçapıq briqadir Xanhüseyn cavab verdi, – onsuz da maşınlarımız işsizdir.
– Bu qiyamətdə o gədikləri maşın qalxıb-enə bilməz, – deyə bayaq etiraz eləyən kəndli, əlini pəncərədən görünən qarlı dağlara tərəf uzatdı, – düz-dünya buz bağlayıb.
– Gedərik! – deyə şofer Kəriş ötkəm cavab verdi. Çıraq dayı ona baxıb:
– Ay gözünə dönüm, – dedi. – Bağdagül necədir?..
– Canına dua eləyir, əşi…
– Sənə dedim arvadı ver getsin ərə…
– İndi nə olub ki, əşi? – deyə Kəriş soruşdu. Gülüşdülər.
– Görmürsən nə qədər kökəlib…
– Əşi, sən allah, elə demə arvada gözün dəyər. – Çıraq dayı qəşəng, sağlam dişlərini göstərərək güldü. Sonra Şahlardan soruşdu – Özünlə kimi aparacaqsan?
– Heç kimi. Şoferlər, bir də mən.
– Bəlkə yenə adam götürəsən?
– Lazım deyil. Adam bizə neyləyəcək?
– Yaxşı özünüz bilin.
– Ancaq mənim bir sözüm var, – deyə şofer Kəriş iclasdaymış kimi Çıraq dayıya müraciətlə şəhadət barmağını yuxarı qaldırdı.
– De görək.
– Sözüm budur ki, Mövlamverdi baba gedib Yeprəmverdi ilə məsləhətləşsin görək biz yola çıxan günü külək əsəcək ya yox.
Çıraq gülüb:
– Qələtini elə, – dedi. – Kişiyə sataşma. Mövlamverdi kişi qəlyanından bir qullab vurub, sakitcə cavab verdi:
– Axı sənin gətirdiyin otun xeyir-bərəkəti olar?
…Günortaüstü Çıraq dayı, Şahlar və Səlimə idarədən çıxdılar.
– Bizə gedəcəyik, – deyə Çıraq dayı qıza müraciət etdi. – Sən Zinyət xalanla tanış olarsan. Mən də bu cavanın dərsini verərəm.
– Dərs? – deyə qız təəccüblə səsləndi.
Şahlar gülümsədi:
– Nərdtaxtanı deyir.
Sonra kişiyə müraciətlə:
– Yaxşısı budur bizə gedək, – dedi.
Çıraq dayı bir an ayaq saxlayıb:
– Nə vaxtdan belə söz qaytaran olmusan? – deyə oğlana tərs bir nəzər saldı.
Şahlar Çıraq dayının ağına-bozuna baxmadan ağzına gələni deyəcəyini bildiyi üçün dərhal razılaşdı:
– Yaxşı, əşi, nə olar, sizə gedək.
– Bəs sizin eviniz rayon mərkəzində deyil? – Səlimə soruşdu.
– Orada da oluruq. Ancaq əsil evimiz buradadır. Bəzən mən gəlirəm, bəzən də Zinyət xalan ora gəlir.
Onlar səliqə ilə tikilmiş ikimərtəbəli evin pilləkənini qalxıb, böyük şüşəbəndə daxil oldular. Qırmızı rəng çəkilmiş döşəmə güzgü kimi parıldayırdı. Şüşəbəndən artırmaya üç qapı açılırdı.
Çıraq dayı:
– Soyunun, – deyib əvvəlcə özü ağır mahud paltosunu və papağını çıxarıb mərmər əlüzyuyanın yuxarı tərəfində qoyulmuş asqıya keçirdi. Bu zaman onun özündən qırx yaş kiçik olan arvadı Zinyət bacı içəridən çıxaraq qonaqlara «xoş gəlmisiniz», – dedi və irəliləyib Səlimə ilə əl tutuşdu. Bu, ortaboylu, göygöz, sarısaç, nazik bir qadın idi. Əynində bahalı yun jaket, göy şevyot tuman, ayaqlarında ətrəng ipək corabla qırmızı məxmərdən tikilmiş ev başmağı var idi.
– Sən də xoş gəlmisən, ay təzə sədr, – deyə Zinyət bacı gülümsəyərək Şahlara baxdı. – Çıraq əmin gəlməsə ömründə buralara üzükməzsən.
Çıraq dayı özü Səlimənin paltosunu alıb asqıya keçirtdi. Sonra orta qapıdan böyük qonaq otağına daxil olub, üzərinə qiymətli məxmər süfrə salınmış stolun ətrafında əyləşdilər. Aşağı başda tuncdan qayrılmış qədim və orijinal bir soba yanırdı. Pəncərələrə tül pərdələr, divarlara zərif xalçalar vurulmuşdu. Hər şey təmiz və təravətli idi.
– Sən buralara dübarə xoş gəlmisən! – deyə Çıraq dayı yerli adətə uyğun olaraq, öz evində qızı təkrar salamladı.– Buralar hamısı sənə peşkəşdir.
Sonra arvadına tərəf dönərək: – Zinyət xalası, – dedi, – bax, həmin donan qız budur.
Zinyət:
– Şükür, sağ-salamat qurtarmısınız, – dedi və oğlana baxıb əlavə etdi. – Nə yaxşı ki, bu qəhrəman gəlib çıxıb.
Çıraq dayı zərləri fil sümüyündən qayrılmış nərdtaxtanı gətirib stolun üstünə qoyaraq açdı və zərin birini özü götürüb, o birini Şahların qabağına tulladı:
– At görüm.
İkisi də zərləri tulladılar. Çıraq dayı başlamalı oldu. O, zərlərin ikisini də əlində tutaraq oğlana baxdı:
– De görək nədən?
– Özün de.
– Sən boz ürgədən, mən də nədən deyirsən ondan.
– Boz ürgə elə-belə sənə qurbandır, əşi, ancaq ondan oynamaram.
Zinyət bacı:
– Şahlar, – dedi, – boz ürgəni heç bütün bir mahala dəyişməz.
– Bilirəm, – deyə kişi zərləri atdı. – Anası Gülnisədən də çox istəyir. (Yerli zarafat qaydalarına görə gərək «atası Bəndalıdan da çox istəyir» deyəydi. Lakin elə demədi. Çünki bir zamanlar bu yerlərdə birinci igid sayılan ağır təbiətli Bəndalı onun nəzərində hər cür zarafatın fövqündəydi.)
Zinyət bacı o biri otağa keçib büllur qablarda gilənar, zoğal mürəbbəsi, balaca armudu stəkanlarda çay gətirdi. Çaylardan qızılgül ətri qalxırdı. Sonra Zinyət bacı qırmızı atlas cildli bir albom gətirib qızın qabağına qoyaraq:
– Darıxsanız baxın, – dedi.
Özü isə yenə o biri otağa keçdi.
Çıraq dayı ilə oğlan qızğın nərd oynamaqda idilər.
Birinci oyunu Çıraq dayı apardığından kefi kök idi. Quş dili oxuyurdu. – Ay bala, – deyirdi, – Çıraq əmin bunu Təbrizdə öyrənəndə heç sənin anan Gülnisə də bu dünyada yox idi. İndi gəlib mənim qabağıma daş qoymaq istəyirsən?!
Səlimə albomu açıb, birinci səhifədəki şəklə baxırdı.
Bu, üç nəfərin birlikdə alınmış portreti idi,
Ortada, gümüşü papaq altından top birçəyi çıxmış, əynində sərdarı, belində üç qatar patron, ayaqlarında şişburun uzunboğaz çəkmə olan ortayaşlı bir kişi oturmuşdu. Onun arxasında isə eyni cür geyinmiş və əllərində tüfəng olan iki cavan oğlan dayanmışdı.
Səlimə oğlanlardan birinə işarə ilə Çıraq dayıdan soruşdu:
– Bu sizsiniz?
Çıraq dayı gözünü nərdtaxtadan çəkərək şəklə ani bir nəzər salıb: – Bəli, – dedi, – mənəm… Nə yaxşı tanıdın… O ortada oturan da Səttarxandır.
– Məşhur inqilabçı Səttarxan?
– Bəli. Təbrizdə çəkdirmişdik, – deyə kişi, tələsik cavab verib zərləri tulladı.
– Siz cənubi azərbaycanlısınız?
– Xeyr əşi, buralıyam.
Çıraq dayı uduzmağa başladığı üçün dilxor olmuşdu. Səlimə daha bir söz soruşmayıb səhifəni çevirdi. Və o biri vərəqlərdən birində gənc bir qız portretinə rast gəldi. Saçlarını son dəblə düzəltmiş, əynində boynu və qolları açıq qısa don olan gözəl bir qız şəkildən ona baxaraq gülümsəyirdi. Onun baxışlarında, bir qədər ətli qəşəng dodaqlarının duruşunda yalnız gözəlliklə izah edilə bilməyən qəribə bir cazibədarlıq var idi. Sanki onun gözəl gülüşündə rəhmsiz, qəddar bir ehtiras gizlənmişdi. Sanki o öz əsiri olan kimə isə sitəm etməkdən zövq alaraq gülümsəyirdi.
Səlimə gözlərini qaldırdığı zaman Şahların da gözucu bu şəklə baxdığını gördü.
Bu zaman əlində podnos içəri girən Zinyət bacı şəklə işarə ilə Səlimədən soruşdu:
– Necə qızdır?
– Çox gözəl qızdır, – deyə Səlimə yavaş səslə cavab verdi, – yoxsa sizinkidir?
– Özüdür ki, var. Tibb institutunun dördüncü kursunda oxuyur.
– Gözəl qızdır, – deyə Səlimə təkrar edərək, Şahlara baxdı. (O, oğlanın bir qulağının onlarda olduğunu hiss etmişdi.) Sonra, daha alboma baxmaq istəməyib örtdü. Zinyət bacı boşalmış stəkanları götürüb getdi.
Çıraq dayı istədiyini ata bilmədiyi üçün hey dodaqaltı deyinib zəri danlayırdı.
– Ay zəhrimara qalasan. Bunun ki, tərsliyi tutdu, üzünü görmə.
Sonra birdən qoşa şeş atmış Şahlara hirslənərək: – Zəri cütləmə, – dedi, – adam oğlusan.
– Əşi, canın üçün mən zər cütləmək-zad bilmərəm.
– Cütləyirsən.
Axıra Çıraq dayının iki, Şahların isə dörd daşı qalmışdı.
– Əgər mənə cüt verməsə, bu oyun sənindir, – deyə Şahlar zəri atmaq istərkən kişi onun əlini qamarladı:
– Qarışdır zərləri!
Oğlan gülüb zərləri əlində xeyli silkələdikdən sonra:
– Çıraq dayı, bu da bir cüt! – deyib atdı və doğrudan da qoşa çahar düşdü. Oğlan yekxanada olan daşların dördünü də çıxaraq: – Tas tamam! – dedi.
Bu cüt o qədər gözlənilməz oldu ki, Çıraq dayı bir neçə saniyə heç bir söz deməyib, gah Səliməyə, gah da oğlana baxdı. Sonra nərdi örtərək acıqlı halda o biri otağa sarı qışqırdı:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68386327) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.