Əsərləri
Molla Pənah Vaqif
Azərbaycan ədəbiyyatının və bədii fikrinin salnaməsində yeni parlaq səhifə Vaqifin adı ilə bağlıdır. O, ədəbiyyatımızda realizm meyillərinin, demokratik əsasların çərçivəsini xeyli genişləndirmiş, ədəbiyyatı xalqın həyatına və arzularına xeyli yaxınlaşdırmışdır. Vaqif lirikası poeziyamızda nikbin bir əhvali-ruhiyyə, həyati və dünyəvi gözəlliyə pərəstiş hisslərini qüvvətləndirir. Kitaba böyük şairin qоşma, təcnis, qəzəl, müxəmməs, müstəzad və s-dən ibarət əsərləri daxil edilmişdir.
Molla Pənah Vaqif
Əsərləri
Molla Pənah Vaqif (1817-1897)
QOŞMALAR
«Sevdiyim, ləblərin yaquta bənzər…»
Sevdiyim, ləblərin yaquta bənzər,
Sərasər dişlərin dürdanədəndir.
Sədəf dəhanından çıxan sözlərin
Hər biri bir qeyri xəzanədəndir.
Nədəndir sözümə cavab verməmək,
Həm camal gizləyib, üz göstərməmək.
Gecələr gözlərim xabı görməmək,
Ol siyah nərgisi-məstanədəndir.
Mən ha səni nuri-ilahi sannam,
Camalının şöləsinə dolannam,
Atəşinə mərdü mərdanə yannam,
Bu xasiyyət mənə pərvanədəndir.
Bir namə yazmışam can üzə-üzə,
Badi-səba, apar sən o gül üzə,
Soruşsa yar ki, bu kimdəndir bizə?
Söyləgilən: – Sizin divanədəndir.
Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalə tək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadan, nə şanədəndir.
Müştaqdır üzünə gözü Vaqifin,
Yolunda payəndaz üzü Vaqifin,
Sənsən fikri, zikri, sözü Vaqifin,
Qeyri söz yanında əfsanədəndir.
«Bir zaman havada qanad saxlayın…»
Bir zaman havada qanad saxlayın,
Sözüm vardır mənim sizə, durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz?
Bir xəbər versəniz bizə, durnalar!
Sizə müştaq durur Bağdad elləri,
Gözləyə-gözləyə qalıb yolları,
Asta qanad çalın, qafil telləri,
Heyifdir, salarsız düzə, durnalar!
Xeyli vaxtdır, yarın fərağındayam,
Pərvanə tək hüsnün çırağındayam,
Bir ala gözlünün sorağındayam,
Görünürmü, görün, gözə, durnalar!
Mən sevmişəm ala gözün sürməsin,
Bədnəzər kəsibən, ziyan verməsin,
Saqın gəzin, laçın gözü görməsin,
Qorxuram səfnizi poza, durnalar!
Nazənin-nazənin edərsiz avaz,
Ruhlar tazələnir, olur sərafraz,
Vaqifin də könlü çox edər pərvaz,
Hərdən sizin ilə gəzə, durnalar!
«Məni qərq eylədin qəm dəryasına…»
Məni qərq eylədin qəm dəryasına,
Ey çeşmi-xumarım, nöşün ağladın?
Ey gözüm, nə dəyib köyrək könlünə?
Ey şirin göftarım, nöşün ağladın?
Gərdənində zülfün tər sünbül kimi,
Sonadan üzülmüş qaratel kimi,
Sən gərək güləsən qızılgül kimi,
Ey lalə rüxsarım, nöşün ağladın?
Olmaya sən məni biiqrar sandın,
Zarafat eylədim, ona inandın,
Nə dəydi könlünə, nədən bulandın,
Dişləri mirvarım, nöşün ağladın?
Bağrım başın şan-şan eylədin, dəldin,
Dönüm gözlərinə, az ağla – öldün;
Deyərdin, gülərdin, belə deyildin,
Mənim cadugərim, nöşün ağladın?
Hər kəs görən dəmdə öz sirdaşını,
Məgər tökər qabağını-qaşını?!
Oda yaxdın ciyərimin başını,
Vaqif der: dildarım, nöşün ağladın?
«Başına döndüyüm, toy adamları…»
Başına döndüyüm, toy adamları,
Siz də deyin: toya gələn oynasın,
Adını demərəm, eldən ayıbdır,
Filankəsin qızı, filan oynasın.
Nə müddətdi ona güvənən bizik,
Həsrətin çəkməkdən canımız üzük,
Hər əlinə alıb bir danə üzük,
Üzüyü dəstinə alan oynasın.
Bir tuba boyludur; boyu novrəstə,
Həsrətin çəkməkdən olmuşam xəstə,
İşarət eylərəm anlayan dosta,
Dostunun qədrini bilən oynasın.
Mən Molla Vaqifəm, eylərəm əfğan,
Gözlərim də yaş yerinə tökər qan,
Uzun boylu, yeniyetmə, novcavan, –
Məni bu dərdlərə salan oynasın.
«Çox zamandır, yarın həsrətindəyəm…»
Çox zamandır, yarın həsrətindəyəm,
Gələydi, bir onu barı görəydim,
Bülbül tək fəryadım çıxdı fələkə,
Cənnət iyli gülüzarı görəydim.
Basaydı üzümə gül ayağını,
Öpəydim üzünü, həm dodağını,
Gah açaydım ağ sinənin bağını,
Qoynundakı qoşa narı görəydim.
Gah alaydım gərdənini qucağa,
Gah üzüm sürtəydim zülfə, buxağa,
Gah da oturaydım qabaq-qabağa,
Danışaydı, xoş göftarı görəydim.
Bilirmola bağrımdakı yaranı,
Necə yaxmış mən tək günü qaranı,
Yar məndən kəsməzdi belə aranı,
Bu qoymayan kimdir, barı, görəydim.
Vaqifəm, hicrandır mənim məhşərim,
Gecə-gündüz canan olmuş əzbərim,
Kərəm eyləyibən gəlsə dilbərim,
Kəsilirmi ahu zarı görəydim?
«Bulud zülflü, ay qabaqlı gözəlin…»
Bulud zülflü, ay qabaqlı gözəlin,
Duruban başına dolanmaq gərək.
Bir evdə ki, belə gözəl olmaya,
O ev bərbad olub talanmaq gərək.
Əndamı ağ gərək, sinəsi mərmər,
Siyah zülfü qamətinə bərabər,
Qoynu içi guya müşklə ənbər,
Basdığı torpağı yalanmaq gərək.
Sərxoş durub sarayından baxanda,
Ağ gərdənə həmayillər taxanda,
Gözə sürmə, qaşa vəsmə yaxanda,
Canım eşq oduna qalanmaq gərək.
Çıxa sarayından canlar alan tək,
Xişmə gələ gəh-gəh qəhri olan tək,
Şahmar zülfü dal gərdəndə ilan tək,
Hərdəm tərpənəndə bulanmaq gərək.
Vaqif, sənin işin müdam ah olsun,
Səg rəqibin ömrü qoyu kütah olsun.
Həmdəmsiz kimsənə əgər şah olsun,
Gədadır o kimsə, dilənmək gərək.
«O şux qəmzələrin, xəncər kirpiyin…»
O şux qəmzələrin, xəncər kirpiyin
Gündə olur yüz min qan qabağında,
Xumar-xumar baxan ala gözlərin
Gərəkdir verəsən can qabağında.
Qaşın qabağında sığallı birçək,
Sayə salmış üzə şölə mübarək,
Amma iki dəstə tər bənövşə tək
Qoymuş al yanağın yan qabağında.
Zülfündən qoxuşar gülü reyhanlar,
Qurban hər muyinə yüz min cavanlar,
Pişvazına gəlir huri qılmanlar,
Məlayik durmuşlar san qabağında.
Vaqif qurban zənəxdanın çahinə,
Şirin gülüşünə, xoş nigahinə,
Qul olasan belə xublar şahinə,
Durasan hər axşam, dan qabağında.
«Xublar arığından yarımaq olmaz…»
Xublar arığından yarımaq olmaz,
İgidin həmdəmi gərək çağ ola.
Bəstə boylu gərək, mina gərdənli,
Zülfi siyah, var əndamı ağ ola.
Səhər dura sürmə çəkə gözünə,
Birçəklərin həlqə qoya üzünə,
Cilvələnə, sığal verə özünə,
İşi, gücü gülüb-oynamaq ola.
Döşün açıb, əl dəyəndə yaxıya,
Ağ gülün bağrına peykan toxuya,
Bədənindən müşkü ənbər qoxuya,
Zülfü gərdənində bir qucaq ola.
Bir mayabud gərək, baldırı yoğun,
Sərasər ət basa dizin, topuğun,
Əl dəyəndə dura buğunbabuğun
Titrəyə, quyruqdan çox yumşaq ola.
Həyası üzündə, əqli başında,
Öldürə Vaqifi gözü qaşında,
Ya on üç, ya on dörd, on beş yaşında,
Nə ondan böyükrək, nə uşaq ola.
«Bir sənəmin sinəsinə müştağam…»
Bir sənəmin sinəsinə müştağam,
Çox çəkirəm ahü zarı, şamama!
Mən ha qaldım həsrət, əlim yetişməz,
Sən get, gör cananı barı, şamama. –
Mətləbidir bir növrəstə – könlümün,
Olmadı dərmanı xəstə könlümün,
Onun üçün bu şikəstə könlümün
Nə səbri var, nə qərarı, şamama!
Yaxa açıb ta ki, sinə göstərdin,
Sərasər bağrımı qana döndərdin,
Mənim dərdimdəndir sənin də dərdin,
Rəngindir nə yavuz sarı, şamama!
Mənim yarım bir əcaib dilbərdir,
Üzü təzə güldür, zülfü ənbərdir,
Sanasan ki, iki qəndü şəkərdir
Qoynundakı qoşa narı, şamama!
Qurbanam Vaqifin bu xaməsinə
Ki, yazar dərdini dost naməsinə,
Yetə bilməz yarın şamaməsinə,
Olsa bu dünyanın varı şamama!
«Can verib yüz minnət ilə almışam…»
Can verib yüz minnət ilə almışam,
Göndərirəm səni yarə, şamama!
Tazə tağdan üzülübsən, oxşarsan
Yarın qoynundakı narə, şamama.
Cismin nə nazikdir, gül bədən kimi,
Bir xoş qoxun gəlir, yasəmən kimi,
Nədən saralıbsan sən də mən kimi,
Nədir dərdin, ey biçarə şamama?
Haqdır, səndə vardır xeyli nəzakət,
Yarın şamaması bir qeyri babət;
Qorxuram çəkəsən külli xəcalət
Dursan onla bərabərə, şamama.
Yarın şamaməsi oxşar şəkərə,
Heyran olur mələk, əgər göstərə,
Yaraşıqdır ağ sinəsi mərmərə,
Qılıb çox ciyərlər parə, şamama.
Giribandan nagah olandı aşkar,
Dağılır ağılım, huşum – hər nə var,
Xəstə Vaqif tifil kimi qan ağlar,
Neçun qılmazsan bir çarə, şamama?
«Bənəfşə tək ənbər zülfün buy verir…»
Bənəfşə tək ənbər zülfün buy verir,
Hər yuyub sərəndə həvayə, Zeynəb!
Onun ətrin dimağımdan üzməsin,
Əmanət et badi-səbayə, Zeynəb!
Qaşa vəsmə, gözə sürmə çəkəndə,
Siyah zülfü dal gərdənə tökəndə,
Sallanıban kəklik kimi səkəndə,
Oxşarsan yaşılbaş sonayə, Zeynəb!
Səni sevən çox bəlayə tuş olur,
Əql gedir başdan, fəramuş olur,
Avazın gələndə can bihuş olur,
Qurbanam o nazik sədayə, Zeynəb!
Yanağı laləsən, qaməti dalsan,
Ağzı şəkər, dili, dodağı balsan,
Sanasan ki, yorğun, vəhşi maralsan,
Olubsan yaraşıq obayə, Zeynəb!
Sənsən padışahı, xanı Vaqifin,
Əqli, huşu, din-imanı Vaqifin,
Həsrətindən çıxdı canı Vaqifin,
Nolur ki, gələsən burayə, Zeynəb!
«Xeyli vaxtdır ayrılmışıq yar ilən…»
Xeyli vaxtdır ayrılmışıq yar ilən,
Gördük, amma tanışmadıq, ayrıldıq,
Qaldı canda gizli-gizli dərdimiz,
Bircə kəlmə danışmadıq, ayrıldıq!
Qərib-qərib durduq biganələr tək,
Soyuq-soyuq baxdıq divanələr tək.
Dönmədik başına pərvanələr tək,
Eşq oduna yanışmadıq, ayrıldıq!
Yarım saat bir arada qalmadıq,
Eşq atəşin canımıza salmadıq.
Yalvarıban yarın könlün almadıq,
Elə getdi, barışmadıq, ayrıldıq!
O zaman ki, aşnalığı tərk etdik,
Cüda düşdük, xeyli ciyər bərkitdik,
Aralıqdan könül quşun ürkütdük,
Bir-birilə qonuşmadıq ayrıldıq!
Vaqif sevdi bir iqrarsız bivəfa,
Bada getdi tamam çəkdiyi cəfa,
Görüşübən eyləmədik xoş səfa,
Qucaqlaşıb, sarışmadıq ayrıldıq!
«Olmayaydı belə səfərə çıxmaq…»
Olmayaydı belə səfərə çıxmaq,
Biz yar ilə danışmadıq, ayrıldıq.
Halallaşıb, hümmətləşib dost ilən,
Təmənnəşib görüşmədik, ayrıldıq.
Bilməm, kimə deyim dərdim neçəsi,
Yarın tər məməsi, sinə haçası.
Yuxu məni aldı gələn gecəsi,
Gül üzündən öpüşmədik, ayrıldıq.
Biz doymadıq yarın şirin dilindən,
Şəkər parçasından, ləbi-balından,
Mina gərdənindən, incə belindən,
Hayıf oldu, sarışmadıq, ayrıldıq.
Vaqifəm, üstümə gəlməz xas əli,
Silinmədi heç könlümün pas əli.
Nə müddətdir, canan bizdən küsəli,
Könlün alıb barışmadıq, ayrıldıq.
«Bir cavan tazədən gəlib ərsəyə…»
Bir cavan tazədən gəlib ərsəyə,
Əcayib oğlandır, adı Məhəmməd.
Zahirin özü tək pak imiş əsli,
Ola bilməz heç evladi-Məhəmməd.
Yeni gəlib xətti, tər bənövşə tək,
Qaşı, gözü elə baxdıqca göyçək,
Danəndə, fəhmidə, qabilü zirək,
Sahibcamal, söz ustadı Məhəmməd.
Sərxoş oturanda əlində sazı,
Bənd edir quşları göydə avazı,
Yeni yetən igidlərin şahbazı,
Sanasan ki, bir sonadı Məhəmməd.
Qələmdə, qılıncda, sazda, sədadə
Bərabəri yoxdur dari-fənadə,
Mehrü məhəbbəti həddən ziyadə,
Göstərir çox etiqadı Məhəmməd.
Məşhər hekayəti müşkül hekayət,
Ya həzrəti-rəsul, eylə inayət,
Vaqifəm – qulami-şahi-vilayət,
Eylə mənə bir imdadı, Məhəmməd.
«Duruban eşqilə güzar eylədim…»
Duruban eşqilə güzar eylədim,
Bir pərinin oldum mehman evində.
Zərrəcə görmədim hörmət, izzətin,
Qaldım elə, peşman-peşman evində.
Ta ki, məni gördü ol qəlbi qara,
Çəkdi yaşmağını o gül rüxsara,
Döndərdi üzünü, tutdu divara,
Sanasan ki, yoxdur insan evində.
Dodağı şəkərdir, göftarı şərbət,
Nə fayda, eyləməz şirin məhəbbət.
Məxləsi ki, yoxdur onda bir ləzzət,
Boldur elə acı qəlyan evində.
Keçmə o dilbərin sən otağından,
Tər bənəfşə qoxar hər bucağından,
Sanki bir guşədir cənnət bağından,
Açılıbdır güli-əlvan evində.
Vaqif, bir kimsə ki, bizdən yaşına,
Yəqin bil ki, bizlən olmaz aşina,
Gəldiyimiz heç gəlmədi xoşuna,
Tapdım mən halını ürfan evində.
«Siyahtel görmədim Kür qırağında…»
Siyahtel görmədim Kür qırağında,
Məgər heç yaşılbaş olmaz bu yerdə?
Tərlan könlüm yenə uca dağlara
Havalanıb, hərgiz qonmaz bu yerdə.
Bu diyarda kəlağay yox, katan yox,
Sinəm buta, müjgan oxun atan yox,
Sərxoş durub bir nəzakət satan yox,
Heç sövdagar fayda bulmaz bu yerdə.
Bəzək bilməz bu diyarın göyçəyi,
Tanımaz al çarqat, zərrin ləçəyi,
Ağ buxaq altından həlqə birçəyi
Tər məmə üstündən salmaz bu yerdə.
Yarın xəyalilə bu gün mən şadəm,
Qəribliyə düşsəm, qan ağlar didəm.
Pərisi yanında olmayan adəm
Nə yaxşı sağ qalır, ölməz bu yerdə.
Desələr ki, Vaqif, nə oldu sənə,
Rəngi-ruyin dönüb heyvaya genə,
Əli tər məmədən üzən kimsənə
Saralıban necə solmaz bu yerdə.
«Bu gün bir əcayib gözəl sevmişəm…»
Bu gün bir əcayib gözəl sevmişəm,
Beləsi olammaz heç vilayətdə,
Sanasan ki, camalından nur yağır,
Yaranıbdır, yarəb, nə xoş saətdə.
Al çarqatdan yaşmaq tutub çənəyə,
Simin yaraşdırıb zər nimtənəyə,
Deyildir bərabər heç kimsənəyə,
Xubların şahıdır şanü şövkətdə.
Gülabilən zülfün cığasın əyər,
Üzünə baxanda qan olur ciyər,
Göydən yerə enmiş mələkdir məgər,
Yoxsa insan olmaz belə surətdə.
Biləyi, bazusu, hər bəndi gözəl,
Gərdəndə zülfünün kəməndi gözəl,
Ayna tutdu, durdu bəzəndi, gözəl,
Sallandı, görəsən, nə qiyamətdə.
Sona cığası tək sərində teli,
Ağ gül yarpağı tək ayağı, əli,
Cismi dolu, nazik bədəni, beli,
Görməmişəm dilbər bu nəzakətdə.
Ayıraydın obasından, elindən,
Bir xəlvətdə tuta idin əlindən,
Əməydin ağzından, şirin ləbindən,
Görəydin necədir dadda, ləzzətdə.
Növcavanlar qoy həmişə var olsun,
Amma ki, bizlərdən xəbərdar olsun.
Vaqifin duası sənə yar olsun!
Səni haqq saxlasın ömrü dövlətdə.
«Bir xəlvət yer ola, əğyar olmaya…»
Bir xəlvət yer ola, əğyar olmaya,
Onda söhbət edək ikimiz belə.
Əl-ələ tutuşub deyək, gülüşək,
Tutaq bir xoş ülfət ikimiz belə.
Qol-boyun oturaq, sürtək üz-üzə,
Baxaq bir-birmizə göz süzə-süzə.
Gah-gah qucaqlaşıb köyüs-köyüsə
Görək ləbdən ləzzət ikimiz belə.
Sürmələnsin ala gözlər şux olsun,
Siyah kirpik ucu almaz ox olsun,
Səg rəqiblər aralıqdan yox olsun,
Gəzək bir fərağət ikimiz belə.
Doyunca zövq alaq nazü qəmzədən,
Əndişə çəkməyək heç bir kimsədən,
Hər gecələr, şirin-şirin, sübhətən
Eyləyək hekayət ikimiz belə.
Vaqif, yardan eşit gələn cavabı,
Açaq üzdən, gözdən tamam niqabı,
Gəh-gəh içib sərxoş olaq şərabı,
Gündə sürək vəhdət ikimiz belə.
«Ağla gözüm, ayrılırsan canandan…»
Ağla gözüm, ayrılırsan canandan,
Hər kəsi ki, görsən, şikayət eylə!
Öldün getdin, bəlkə yarı görmədin,
Kəbəyi-kuyini ziyarət eylə!
Sən mənim cananım, ruhi-rəvanım,
Ləbləri şirinim, qönçə dəhanım,
Bir saat görməsəm, tuti zəbanım,
Qopacaq başıma qiyamət eylə!
Vaqif bir şeydadır, dolanır bağı,
Xəstədir, dərmanı – dilbər dodağı.
O alma yanağı, büllur buxağı,
Allah, bədnəzərdən səlamət eylə!
«Ey süsən sünbülüm, al zənəxdanlım…»
Ey süsən sünbülüm, al zənəxdanlım,
Qurban olsun lalə, gül ilən sənə.
Bu neçə gündür ki, səndən ayrıyam,
Sanasan həsrətəm il ilən sənə!
Deməli çox gizlin dərdi-dilim var,
Qorxuram ki, deyim, eşidə əğyar,
İstərəm ki, yazam göndərəm, ey yar,
Səhər oğrun əsən yel ilən sənə!
Ağzı piyaləsən, gərdəni mina,
Nazik əllərində innabı həna,
Səni görən deyər, yaşılbaş sona,
Ucu həlqə, siyəh tel ilən sənə!
Çoxlar sənə iyma ilən baş əyər,
Mum tək ərir, olsa bağrı daş əyər,
Tuba görsə, ikram eylər, baş əyər,
Bu gözəl boy ilən, bel ilən sənə!
Yadıma düşəndə zülfün ənbəri,
Qüllab girər ciyərimdən içəri,
Mən şaham, ey gözəllərin sərvəri,
Qurbanam Vaqif tək qul ilən sənə!
«Sərv boylum, bir çıx, görüm boyunu…»
Sərv boylum, bir çıx, görüm boyunu,
Onda qurban edim canı mən sənə.
Qaşlarının tağı qibləgahımdır,
Fəda qılım din-imanı mən sənə.
Adam gərək görsün həqqi arada,
Hanı sənin kimi bir pərizada,
Mələkdən də səni billəm ziyada,
Tay etmənəm heç insanı mən sənə.
Baxmaq ilən doymaq olmaz üzündən,
Danışanda şirin-şirin sözündən,
Onun üçün göz kəsmərəm gözündən
Müştağam, ey şəkər kanı, mən sənə.
Qaşa, gözə sürmə nə gözəl çəkdin,
Cilvələnib zülfə həm seyqəl çəkdin,
Sən nə üçün axır məndən əl çəkdin?
Eyləməzdim bu gümanı mən sənə.
Gözəl sən tək belə şuxü şən gərək,
Həmdəmi də həm özünə tən gərək,
Sənə Vaqif kimi dərd bilən gərək,
Layiq görməm hər nadanı mən sənə.
«Sənsən, ey nazənin, gözəllər şahı…»
Sənsən, ey nazənin, gözəllər şahı,
Ola bilməz kimsə bərabər sənə.
Sərxoş durub sallananda hər yana,
Mat qalır, ey sərv, sənubər sənə.
Baxdıqca baxışın şirin, gözün şux,
Bir əcəb cavansan nəzakətin çox,
Kamalında, camalında eyib yox,
Pərvərdigar vermiş hər hünər sənə.
Söz yox zənəxdana, zülfə, yanağa,
Qamətə, gərdənə, qaşa, qabağa,
Bir şirin dilbərsən başdan ayağa,
Nə nabat bənzəyir, nə şəkər sənə.
Ya bədrlənmiş bir mahi-tabansan,
Ya cənnət bağında güli-xəndansan,
Ya mələksən, ya da huri qılmansan
Ey sevdiyim, insan kim deyər sənə?
Çoxlar getdi iltimasa, gəlmədin,
Üzüm üstə qədəm basa gəlmədin,
Vaqif öldü, neçün yasa gəlmədin?
Ya zahir olmadı bu xəbər sənə?
«Doldu dimağıma zülfün ənbəri…»
Doldu dimağıma zülfün ənbəri,
Valeh oldu könül həvadən sənə.
Əlim yetməz – namə yazıb dərdimi
Göndərirəm badi-səbadən sənə.
Oturuşun gözəl, duruşun gözəl,
Sallanışın gözəl, yerişin gözəl,
Xoyun, xülqün gözəl, hər işin gözəl,
Bəxş olub bu xubluq xudadən sənə.
Dodaqların oxşar ləli-Yəmənə,
Yada düşdü, bağrım qan oldu yenə,
Siyah tel düzürsən bəyaz gərdənə,
Düşübdür bu qayda sonadən sənə.
Fikrü xəyalındır könlüm ziynəti,
Şirin sözlərindir ağzım ləzzəti,
Sənsən mənim ömrüm, günüm vəhdəti,
Yetişməsin, ya rəb, bəladən sənə.
Qəm evində saldın küncə Vaqifi,
Eylədin muyindən incə Vaqifi,
Neçün incidirsən munca Vaqifi,
Nə hasil bu cövrü cəfadən sənə?
«Sığallanıb-sığallanıb siyah zülf…»
Sığallanıb-sığallanıb siyah zülf,
Nə gözəl düşübdür üzə, Fatimə!
Can alırsan yenə, bu nə sürmədir
Çəkibsən ol xumar gözə, Fatimə!
Mən mayiləm sənin zənəxdanına,
Həlqə-həlqə zülfi-pərişanına,
Cəvahirlər xərc eylərəm şanına,
Əgər müştaq olsan sözə, Fatimə!
Can mülkünə verməm saçının dəngin,
At canıma kirpiklərin xədəngin,
Ta ki, gördüm yanağının mən rəngin,
Düşmüşəm bir oda, közə, Fatimə!
Yay kimi nə gözəl çəkibsən qaşı,
Ona söz yox, hər nə desəm yaraşı,
Sənə peşkəş etmənəmmi can-başı;
Neçün bir gəlməzsən bizə, Fatimə?
Eşqin atəşidir məni əridən,
Can üzüldü baxa-baxa geridən,
Dönmüşəm mələkdən, tamam pəridən,
Vaqifəm, sevmişəm təzə Fatimə!
«Saçın zəncirinə könül bağladım…»
Saçın zəncirinə könül bağladım,
Məcnun kimi düşdüm dağa, Fatimə!
Neçün məni görcək sərxoş ötürsən,
Bir baxmazsan sola-sağa, Fatimə!
Özün pəri, xülqü xoyun fəriştə,
Harda olsan ora dönər behiştə,
Sən gərəkdir gündə çıxasan gəştə,
Gül düzəsən gül buxağa, Fatimə!
Haçanacan canım odlara yaxım,
Hər tərəfə daşqın sellər tək axım.
Çox müştaqəm aç üzünü, qoy baxım
Ənbər zülfə, gül yanağa, Fatimə!
Layiq deyil sənə nakəsü biqəm,
Adam gərək ola adama həmdəm.
Canım çıxar səni görməsəm bir dəm,
Getmə məndən sən uzağa, Fatimə!
Vaqif səni sevdi xublar içində,
Bir təzə qönçəsən gülzar içində,
Söz danışmaq olmaz əğyar içində,
Gəl çəkilək bir qırağa, Fatimə!
«Bir üzü gül, rəngi lalə, zülfü tər…»
Bir üzü gül, rəngi lalə, zülfü tər,
Gəştə çıxıb, dərər taza bənəfşə.
Dəstə-dəstə sancıb buxaq yanına,
Yaraşıbdır o şahbaza bənəfşə.
Cismi mərmər, həlqə zülfləri qara,
Onu görən məcnun olur – avara,
Hörüb saçlarını, salıb qatara,
Düzüb telə, həm qotaza bənəfşə.
Yaşı on səkkizə yenicə yetmiş,
Gözəllikdə tamam xəlqi mat etmiş,
Gəştə çıxmış – yar gəldiyin eşitmiş,
Dağa salıb bir avaza bənəfşə.
Göysün açıb, ağ qolların çırmasın,
Elə gəzsin, onu rəqib görməsin,
Əğyar ilən çıxıb seyrə, dərməsin,
Layiq olmaz anlamaza bənəfşə.
Sən sallanıb qabağımdan gedəndə,
Hərgiz qalmaz səbrü ixtiyar məndə.
Vaqif zülflərini tərif edəndə,
Gərəkdir ki, əvvəl yaza: bənəfşə.
«Bir gözəl ki, şirin ola binadan…»
Bir gözəl ki, şirin ola binadan,
Yüz il getsə onun dadı əksilməz.
Təzəliyi, köhnəliyi bir olur,
Gövhər tək qiymətdə adı əksilməz.
Gözəllikdən düşməz heç əsilzada,
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/molla-panah-vagif-32273311/s-rl-ri-68386264/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.