Qaçaq Kərəm
Fərman Eyvazlı
Romanda XIX əsrin sonlarında Azərbaycanda uzun illər kasıb təbəqənin, əsasən də kəndlilərin haqlarının tapdanmasına qarşı çıxmış xalq qəhrəmanı Kərəmin həyat və mübarizəsindən bəhs olunur. Bu qəhrəman özü kimi cəsur və qoçaq insanları ətrafına toplayaraq qaçaq dəstəsi yaratmış, o zamankı Rusiya imperiyasına qarşı çıxmış, haqq-ədalət uğrunda mübarizəyə qalxmışdı. O torpaqsızlara torpaq, kimsəsizlərə dolanacaq verir, bəylərin, tacirlərin və başqa varlıların var-dövlətini talayıb yoxsullara paylayırdı…
Bütün roman boyu qatı kasıbçılıq, düşmənçilik və xainlik fonunda Azərbaycan kişilərinin necə öz mərdliklərini qoruyub saxlamaqları oxucunu kitabdan ayrılmağa qoymur…
Roman bəy-rəiyyət qarşıdurması kimi saxta Sovet təbli-ğatından xali deyil, amma Azərbaycanın yaxın tarixi keçmişi və real dövlətçilik həyatından götürülmüş çoxlu zəngin material istifadəsi baxımından indiki dövr üçün də tamamilə aktuallığını saxlayır.
Romanın ikinci hissəsinə ""Düyünlü günlər"" və ""Bir kisə qızıl"" povestləri, İsrafil ağanın həyatla vidalaşması səhnəsinə həsr olunmuş ""Ağanın ölümü"" hekayəsi"" və ədibin İran səfəri əsasında yazılmış ""Xoy səfəri"" publisistik yazısı daxil edilmişdir.
Fərman Eyvazlı
Qaçaq Kərəm (roman)
ÖN SÖZ
CƏNGAVƏRLİYİN TƏRƏNNÜMÜ
Mən bu igid haqqında hələ uşaq ikən kəndimizin cavanlarından, onunla bilavasitə duz-çörək kəsən ağsaqqalların dilindən eşitmişəm. Toyda-mağarda, bayram şənliklərində onun haqqında el aşıqlarının qoşduğu sözləri, oxuduğu mahnıları dinləmiş, danışdığı hekayətlərə qulaq asmışam. 1933-cü ildə isə Qazax pedaqoji texnikumunda oxuyarkən rayonumuzda qastrol səfərində olan Tiflis artistlərinin ifasında Qaçaq Kərəm adlı bir əsərə tamaşa etmişəm və o vaxtdan qəlbimdə bu mərd, cəngavər insana böyük rəğbət oyanmışdır.
On beş il qaçaqlıq eləyən Qaçaq Kərəm Qazax qəzasının Qıraqkəsəmən kəndində anadan olmuşdur. Onun atası Molla Zal oğlu İsgəndər kəndlilərin haqqını müdafiə etdiyi üçün qolları qandallanıb, Sibirə sürgün edilmişdir. Lakin sürgündən qaçaraq yenidən öz doğma diyarında at belində görünmüşdür. Molla Zal oğlu İsgəndər öldürüldükdən sonra onun yarağını oğlu Kərəm götürmüşdür.
Azacıq sonra Kərəm nəinki Azərbaycan və Dağıstanda, eləcə, bütün Zaqafqaziyada ümumxalq məhəbbəti qazandı. Bunun səbəbi həm onun cəsurluğu, həm də ədalət hissinin güclü olması idi. M.Qorki haqlı olaraq yazırdı: «Eşitdiyim külli miqdarda hekayələrdə Kərəm insanpərvər və özünə yaxın hesab etdiyi şəxslərə bacardığı qədər kömək göstərmək istəyən bir adam kimi verilir».
Zaqafqaziyanın müxtəlif guşələrində Kərəmin igidliyi ilə bağlı xalq arasında bir sıra yer adları vardır; «Kərəm körpüsü», «Kərəm payası», «Kərəm bazarı»; «Kərəm çalası», «Kərəm yolu», «Kərəm payı», «Kərəm bulağı», «Kərəm meydanı» və i. a.
El-oba içində məşhur olan bu yer adlarının bəzisi dövrümüzdə rəsmi sənədlərdə də eyni ilə belə qeydə alınmışdır.
XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda geniş yayılmış qaçaqçılıq hərəkatı, hər şeydən əvvəl, ədalətsizlik və ictimai qanunsuzluqlara qarşı çevrilmiş xalq qəzəbinin ifadəsi idi. Yerli xan və bəylərin, çar məmurlarının, pristavların, general-qubernatorların təqiblərindən qaçan və fürsət düşən kimi onlardan hüququ tapdalanan kəndlilərin, dara düşən yoxsulların, isməti ləkələnən gəlinlərin, qüruru sındırılan dəliqanlıların intiqamını alan bu silahlı atlı dəstələri uzun müddət bütün Zaqafqaziyanı sarsıtmışdı. Onların sorağı gah Gəncəbasardan, gah Qarabağ dağlarından, gah Göyçə yaylaqlarından, gah Borçalı mahalından, gah da Arazın o tayından gəlirdi. Bu haqpərəst qaçaqlar gözlənilmədən peyda olur, haqq-ədalət divanı qurur, torpaqsızlara torpaq, kimsəsizlərə dolanacaq verir, bəylərin, tacirlərin, hampaların var-dövlətini talayıb yoxsullara paylayırdılar. Məhz buna görə də çiyni paqonlu rəislər, pristavlar, atlı kazak dəstələri, ağalar, bəylər vahimə içində yaşayırdılar. Onlar nə qədər birləşsələr, yaraqlanıb yolları kəssələr də qaçaqlara heç nə edə bilmirdilər. Çünki xalqın məhəbbətini qazanan bu cəngavərlər öz cəsarət və mərdlikləri ilə əfsanəvi varlıqlara – intiqamçılara çevrilirdilər. Buna görə də xalq onları sevir, igidliklərini qürurla tərifləyib adlarını saza-sözə salır və haqlarında dastanlar yaradırdılar. Keçən əsrdə yaşamış və adları dillər əzbəri olmuş Molla Nur, Qaçaq Adıgözəl, Qaçaq Yarəli, Qaçaq Nəbi, Dəli Alı, Qara Tanrıverdi, Qaçaq Kərəm kimi igidlər əfsanəvi qəhrəmanlara çevrilmiş intiqamçılar idilər. Bunların içərisində Qaçaq Kərəm xüsusilə fərqlənirdi.
Qaçaq Kərəm hələ ötən əsrin sonu və XX əsrin əvvəllərində jurnalistlərin, yazıçıların diqqətini cəlb etmiş, onun haqqında hekayələr, oçerklər və pyeslər yazılmışdır. Gürcü yazıçısı Vano Mçedlişvili inqilabdan əvvəl «Qaçaq Kərəm» adlı pyes yazmış və həmin əsər 1912-ci ildə ilk dəfə Tiflisdə tamaşaya qoyulmuşdur. 1928-ci ildə həmin pyesi Hüseynbəy Mirzəcamalov azərbaycancaya tərcümə etmişdir. Bu əsər Bakıda, Naxçıvanda, Qazaxda tamaşaya qoyulmuşdur.
Nəcəf bəy Vəzirov 1912-ci ildə «Keçmişdə qaçaqlar» pyesini yazarkən heç şübhəsiz ki, Kərəmi nəzərdə tutmuşdur və çox ehtimal ki, Dilican tərəflərdə meşəbəyi olarkən Qaçaq Kərəmlə görüşmüşdür. Denis Kozlovskinin «Qaçaq Kərəm» adlı əsəri bir daha göstərir ki, bu əfsanəvi insan uzun müddət ədəbi və ictimai fikri məşğul etmişdir. «Əfsanə və nağıllar qəhrəmanı… Ədalət mücəssəməsi… Qafqaz qaçaqları içərisində ən ədalətlisi və rəşadətlisi olan Kərəm» (M. Qorki) haqqında M.S.Ordubadi, S.Vurğun, Mehdi Hüseyn, O. Sarıvəlli, Hüseyn Arif müxtəlif illərdə hekayələr, şerlər, məqalələr yazmışlar. Aşıqlarımız isə onun haqqında rəvayətlər və kiçik dastanlar yaratmışlar. Bütün bunlar az idi: Kərəmin fəaliyyətini tam əhatə etmirdi. Belə bir qəhrəman haqqında əhatəli, epik əsərlər yazmağa çoxdan ehtiyac duyulurdu. Elə bu məqsədlə də Fərman Eyvazlı «Qaçaq Kərəm» romanını yazmışdır.
Roman oxuyarkən başa düşürsən ki, yazıçı Kərəm haqqında olan mətbu əsərləri, arxiv materiallarını, pristavların, qubernatorların Kərəm haqqında olan gizli məktublarını, xatirələri, xalq arasında söylənilən rəvayətləri illər boyu dərindən öyrənmişdir. Qaçaq Kərəmə qohumluğu çatan yazıçının hadisələrin davamında bilavasitə iştirak edən atasından, anasından, qohum-əqrabasından və Kəsəmən kəndinin qocalarından hələ uşaq ikən eşitdiyi söhbətlər də, heç şübhəsiz, əsərin yazılmasına böyük təsir göstərmişdir.
Roman ayrı-ayrı başlıqlar altında yazılmışdır. Maraqlı burasıdır ki, hər fəslin özünün müstəqil süjet xətti vardır və hər fəsildə Kərəmin yeni cəhətləri, xarakterinin bütövlüyü açılır.
Kərəmin igidliyi, mərdliyi, cəngavərliyi, cəsarət və qoçaqlığı, gözlənilmədən peyda olub gözlənilmədən yoxa çıxması, harda ədalətsizlik baş versə oraya özünü yetirməsi və zalımlara divan tutması haqqında əfsanəvi nağıllar o qədər geniş yayıldı ki, canişindən tutmuş adi pristavlara qədər, hamı qorxuya düşdü, onu aradan götürmək üçün min cür hiyləyə əl atdılar. Qazax qəza rəisi İosif Qançeli, Gəncə qubernatoru Nakaşidze, polis idarələri rəisi Hüseynbəy İsrafilbəyov, Dilican pristavı David Tarxan, Ağstafa pristavı Aleksandr Yüzbaşov, Allahyarbəy, Dağıstan süvari alayının komandiri Arçil Çavçavadze, Qurbanağa kimiləri birləşərək atlı kazak dəstələri düzəltdilər, bəndləri, bərələri kəsdilər, satqınları işə saldılar, lakin Kərəmi tuta bilmədilər. «Kərəm dəhşətli bir tufana çevrildi» («Народная воля» jurnalı, 1885), çar məmurları onu ruh kimi gözə görünməz bir varlıq adlandırdılar» və nəhayət başa düşdülər ki, Kərəmi tutmaq heç cür mümkün deyil. Çünki Təbrizdən tutmuş Naxçıvana qədər bütün əhali onun tərəfindədir. (K.S. Aniçkovun general Qolovinə yazdığı məktubdan).
Qaçaq Kərəmdə iki cəhət birləşmişdi: O, cəsur idi, heç nədən qorxmurdu. Eyni zamanda onda cəngavər mərdliyi vardı. Heç kəsə arxadan güllə atmazdı, yıxdığını boğazlamazdı. Alicənablıq, mərdanəlik, kişilik onun fitrətində idi. Hətta düşmənlər də Kərəmin mərdanəliyinə valeh olmuşdular. Bu cəhətlərinə görə xalq onu əfsanəviləşdirmişdi. M. Qorki «Qafqazda qaçaqlar» əsərində yazırdı: «Kərəm haqqında eşitdiklərim o qədər əfsanəvidir ki, o hazırda sağ olmasaydı, onun həqiqətən yaşamasına heç cür inanmazdım» («Нижегородской листок» 1985, № 309).
Kərəmin əsl düşməni İsrafil ağadır. Onların düşmənçiliyi əsərin əvvəlində şəxsi keyfiyyət daşıyır. Ancaq fəsildən-fəslə genişlənir və axırda ictimai mahiyyət kəsb edir.
Kərəm cəngavərdir. Onun düşməni İsrafil ağa da cəngavərdir. Onlar düşmən olsalar da azərbaycanlılara xas olan mərdlik, insanlıq, kişilik qaydaları ilə vuruşurlar, mərdanəliklə bir-birilərini məğlub etmək istəyirlər. «Zamanın iki rəngi» fəslində Sərdar başda olmaqla bütün rəislər, pristavlar, bəylər Kərəmi tutmaq üçün tədbir tökürlər. Əsas qayə də budur ki, Kərəmi xəyanətlə ələ keçirsinlər ya da namərdliklə öldürsünlər. Sərdar deyir ki, «qalaları içəridən alarlar». Onun səsinə səs verən Nakaşidze isə «qaçağı çoban-çoluq öldürər» fikrini irəli atır. «Quşu quşla tutarlar» prinsipi ilə hərəkət edən canişin istəyir ki, Kərəm ya öz qaçaq yoldaşlarının, ya da bəylərin əli ilə öldürülsün. Onlar pulla adamları satın almaq və Kərəmin üstünə göndərmək istəyirlər. Ancaq Kərəmin qatı düşməni olan İsrafil ağa onlarla razılaşmır. «Kişi düşmənini pulla öldürməz. Qanı qanla yuyarlar, pulla yox» – deyir. İsrafil ağa Kərəmə qarşı düzəldilən xəyanətdə, namərdlikdə iştirak etmir, düşməni də olsa, igid Kərəmin tərəfini saxlayır.
F.Eyvazlı romanında xalq ədəbiyyatından, folklorumuzun təhkiyə qaydalarından məharətlə istifadə etmiş və bir sıra canlı səhnələr, obrazlar yarada bilmişdir. Kərəmin atası Molla Zal oğlu İsgəndərin dəfni zamanı at baş götürüb meşəyə qaçır və gecə sahibinin qəbrinin üstünə gəlir. Bu səhnə yazıçı tərəfindən çox poetik şəkildə təsvir edilmişdir. Zal qızı Gülnazın bayatısı isə bu lövhəni daha təsirli etmişdir.
Boz at, səni öyən hanı?
Başındakı yüyən hanı?
Bu dünyada gün görməmiş,
Söylə, igid yiyən hanı?
Yazıçı Zal qızını əsər boyu izləyir və gözümüz qarşısında sinəsi bayatı və ağılarla dolu, şair təbiətli mərd bir qadın canlanır. Onun vaxtında dediyi sözlər Kərəmin gülləsindən də təsirli olur.
Boz atım niyə getdi?
Nə dedik, niyə getdi?
Evdən bir arxa gedər,
İkisi niyə getdi?
Bu səhnə bizim yadımıza «Dədə Qorqud»u, Burlaxatunları salır. Mərd analarımızı, yaraqlanıb at belinə qalxan və düşmənə qılınc çəkən cəngavər gəlinlərimizi xatırladır. Əyilməzlik, düşmən önündə sınmamaq romanın başqa bir yerində daha poetik şəkildə verilib. Kərəmin anası Fəxrənsəni, bibisi Gülnazı və başqa qohumlarını kənddən sürgün ediləndə dindirərkən pristav Həsənbəy Fəxrənsəyə söz atır:
– De görüm, yenə Kərəm kimi bir oğul doğa bilərsənmi?
– Kərəm kimi nər doğmağa İsgəndər kimi ər gərəkdir. Qatırdan ayğır törəməz!
Güllə hədəfə deyir. Özü də elə dəyir ki, Həsənbəyin boğazı quruyur. Bunun arxasınca Gülnazın bayatısı beşaçılan darağındakı güllələr kimi şaqqıldayır.
Eləmi qurumsaqlar,
Buxarı qurum saxlar,
Başına papaq qoyub,
Hər yetən qurumsaqlar!
Bax, budur əsərin ruhu! Mərdlərlə qurumsaqların çarpışması, satqınlarla bir damla gəlirləri üçün namusunu, vicdanını, torpağını, el-obasını ayaqlayanlarla, qeyrət və namus üçün dağlara çəkilib silah götürənlərin döyüşü əsərin canı, qanıdır. Xalq mərdləri sevir, namus üçün, el üçün çöllərə düşən igidləri qoruyur, Xəlil kimi satqınları ağacdan asır. Kərəm hara ayaq bassa ona ehtiram göstərilir. Ona görə ki, o, ana südü ilə bərabər, təmizlik və mərdanəlik əmib.
Bu xüsusiyyətlər təkcə Kərəmə aid deyil. Əsərdə canlı boyalarla təsvir edilmiş Binnət koxa, Abbas bəy də, İsrafil ağa da məhz mərdanə insanlardır. Əgər onlar namərd olsaydılar Kərəmi hiylə ilə ələ keçirər, çar divanxanasına verər və sinələrini medallar bəzəyərdi. Onlar Kərəmlə açıq döyüşdə qabaqlaşmaq istəyirlər. Kərəm kazakların təqibindən yaxa qurtarmaq üçün Abbas bəyin darvazasını döyəndə, dərin psixi sarsıntılar keçirən bəy dədə-babalarımızın adətinə, ruhuna sadiq qalır, qapısına pənah gətirən «qonağı» ev sahibi kimi qoruyur, onu ələ vermir. Koxa Binnət ölümünə razı olur, Qaçaq Kərəmi namərd gülləsindən uzaqlaşdırır.
İSMAYIL ŞIXLI
Qaçaq Kərəm
(1860 – 1910)
Birinci hissə
Kərəm çırağının işığında acılı-şirinli ömür sürmüş atamın əziz xatirəsinə.
PROLOQ
QƏFİL QONAQ
İyul günəşinin şəfəqləri üfüqdə şırım-şırım görünən buludları yenicə al rəngə boyayırdı. Şeyx Sənan dağının ətəyində yerləşən qədim Tiflis şəhəri hələ yuxuda idi. Sərin meh əsirdi. Elə bil bu sərinliyi Kür çayı gecələr uzaq-uzaq qarlı dağlardan qabağına qatıb gətirir və dan yeri söküləndə bu vadiyə səpələyirdi…
Kərəm səhərin bu xoş havasını uda-uda şəhəri tərk edirdi. O, üç gün idi ki, burada idi. Tiflisli dostları onu qayğı ilə əhatə eləmişdi. O, Tiflisdə zabit paltarında gəzirdi. Hərbi libas onun şux bədəninə necə də yaraşırdı. Özü də elə bil hərbi məktəbdə oxumuşdu, bütün qaydaları bilirdi. Bunu ona Qafqaz Mülki İşlər üzrə Baş İdarədə məmur işləyən dostu Vəlibəy öyrətmişdi. Onlar şəhərdə qoşa gəzirdilər. Kərəm hara gedirsə orada, xüsusən Şeytanbazarda özü haqqında qəribə-qəribə nağıllar eşidirdi. Amma onu maraqlandıran hökumət idarələrində gedən söhbətlər idi. O bu üç gün ərzində dostlarının köməyi ilə çox məlumatlar əldə eləmişdi. Öyrənmişdi ki, onu tutmaq üçün böyük tədbirlər hazırlanır. Bu tədbirlərdən bir çoxu Gəncə qubernatoru knyaz Nakaşidzenin Qafqazda Baş İdarə müdiri cənablarına yazdığı raportunda göstərilmişdir… «İyulun 12-də zati-alinizin icazəsi ilə Tiflisdə olanda, mənim əvəzimə quberniyanı idarə edən cənab Yelizavetpol vitse-qubernatorundan teleqram aldım ki, Qaçaq Kərəm İsgəndər oğlu dəstəsi ilə Dilican dərəsində yenə soyğunçuluq etmişdir. Bu xəbəri eşitcək zati-alinizin əmri ilə Qazax qəzasına getdim…
Qəzaya gələndə bütün polis ayaq üstündə idi, qaçaqları axtarırdılar. Qəza rəisinə əmr etmişəm ki, əhalidən mümkün qədər çox adam toplasın, sonra sərəncam vermişəm ki, poçt yolunu, habelə dəmir yolunu qorumaq üçün qarovullar qoyulsun: qaçaqların başqa qəzaya yolunu kəsmək üçün Yelizavetpol və Qazax qəzalarının sərhədində qarovullar düzülsün. Tiflis qubernatoruna teleqram vurmuşam ki, o da Qarayazı çölü tərəfdən keşikçilər qoyub sərhədi möhkəmlətsin. Sonra yerli əhalidən zemstvo mühafizə dəstəsi yaratmaq üçün zati-alinizdən icazə alıb bu mühafizə dəstəsinin atlılarından və yerli ovçulardan dörd süvari komanda düzəltmişəm, birini Nuxa qəza rəisinin köməkçisi podporuçik Şıxlinskiyə, birini Yelizavetpol qəza rəisi köməkçisi kornet Rəfibəyova, ikisini yerli ağalardan Vəkilova və Əskiparinskiyə tapşırmışam. Əlavə zemstvo mühafizə dəstəsinin uryadniki və Dilican kəndxudasının başçılığı ilə ovçulardan ibarət iki piyada komanda düzəltmişəm. Bu altı komanda indi bütün Qazax qəzasının müxtəlif səmtlərində qaçaqları axtarır.
Eyni zamanda zati-alinizin icazəsi ilə aşağıdakı sərəncamları vermişəm:
a) …
b) Qıraqkəsəmən icmasının dağlardakı köçərilərinə əmr etmişəm ki, dərhal arana – kəndə ensinlər.
c) Qazax qəzasının qaçaqlara rəğbət bəsləməkdə ittiham olunan ağalarına elan etmişəm ki, Kərəmin dəstəsi on günə kimi məhv edilməsə onların hesabına 5 uryadnikdən və 45 atlıdan ibarət əlavə zemstvo mühafizə dəstəsi yaradılacaqdır.
d) Qaçaqlara sığınacaq verməkdə, yaxud digər üsullarla kömək etməklə başqalarından daha çox ifşa olunan ağaları xüsusi sərəncam çıxanadək həbsə almaq barədə göstəriş vermişəm…»
Tiflis qubernatorluğunun göstərişi ilə Borçalı pristavlığında dörd əlahiddə uryadinkin nəzdində iyirmi atlıdan ibarət dörd silahlı keşikçi dəstəsi yaratmaq və onların bütün xərci Kərəmə rəğbət bəsləyən, ona xəlvəti kömək edən Borçalı camaatının hesabına ödənilməsi nəzərdə tutulurdu.
Kərəm indi Bolus-Kəpənəkçiyə gedirdi. Qaçaq yoldaşlarından İsmayıl, İsfəndiyar, Bayram onu orada, Emin ağanın evində gözləyirdilər. Emin ağanı başı Başkeçid, ayağı Sınıq körpü – tanımayan yox idi. Əsli-kökü ağa olsa da, özü bir müddət qaçaqlıq eləmişdi. Odur ki, Kərəmə xüsusi hörməti vardı.
Kərəm Ortaçalada fikirləşdi ki, Yağlıca yolu ilə getsin. Sonra yadına düşdü ki, oralar açıqlıq, düzəngahlıqdı. ona görə Gümüş gölün sağı ilə dərəliklə getməyi qərara aldı. Ətrafda Telet dağları qaçaqlar kimi arxa-arxaya vermişdi. Uzaq bir zirvədə Qaraçuxa monastırı görünürdü.
O, atını bəzən dərə-təpə ilə, bəzən kəsə yolla sürürdü. Hərdən burnuna kəhərin ayaqları altında əzilən yovşanın xoş iyi gəlirdi. Hərdən də diqqətini kolların dibindən pırıltı ilə qalxıb yenidən irəlidə çığıra qonan boz törvəlçələr cəlb edirdi.
Kərəm fikirləşirdi ki, daha buralarda qalmaq olmaz, bir neçə gündən sonra bütün yollara, izlərə pusqu qoyulacaq. Bir müddət dağlara çəkilmək lazımdır.
O, xeyli yol getmişdi ki, birdən arxadan at ayaqlarının tappıltısını eşidib tez geri boylandı. Ona sarı bir atlı çapırdı. Ehtiyatlandı, sonra atlının silahsız olduğunu görüb: «Yəqin çapardı, harasa xəbər aparır» – deyə düşündü. Bir azdan dərəyə enəndə arxadan gələn atlı onu haqlayıb yanından yel kimi ötüb keçdi. O, yəhərsiz və cilovsuz atın yalmanına yatmışdı, özü isə ayağıyalın, başı-açıq idi. Əynindəki yaxası açıq kətan köynəyinin içinə hava dolub belində tuluq kimi şişmişdi. Onun tüklü üzü də Kərəmin diqqətindən yayınmadı. Kərəm düzənliyə çıxanda atlını görmədi. Deyəsən, o, dərə uzunu getmişdi.
Hava bir qədər işıqlanmışdı. Artıq Candar arxada qalmışdı. Ətraf kəndlərdən arabir xoruz banı, itlərin hürüşməsi eşidilirdi.
Kərəm Sandara yaxınlaşırdı. Bu vaxt arxa tərəfdən yenə at ayaqlarının tappıltısı eşidildi. Kərəm geri baxanda gördü ki, bu dəfə onun arxasınca, yolu tozlaya-tozlaya bir dəstə atlı kazak gəlir.
At himə bənd imiş, yorğa yerişini dəyişib yelləndi. Çöllərə meydan suladı. Kərəm Bolus-Kəpənəkçiyə getmək (fikrindən daşınıb, Şüləverə – qəza mərkəzinə üz tutdu. Emin ağanın evinə getmək olmazdı. Hamı ələ gecə bilərdi.
Kazaklar altı nəfər idilər. Kərəmlə onların arasında olan məsafə gah gödəlir, gah uzanırdı. «Görəsən mənim Tiflisdə olduğumu haradan bilib izimə düşüblər?..» Sonra o, fikirləşdi ki, onu təqib edən qanun keşikçiləri ilə gizlənqaç oynamaq olmaz. Onlara etibar yoxdur. Arxadan onu vura bilərlər. Ya da, atını yaralayıb özünü ələ keçirərlər. Doğrudan da bu, nə əcəb onların ağlına gəlmir? Kim bilir bəlkə də göstəriş belədir ki, diri tutulsun?! O, bacardıqca onlardan uzaqlaşmağa çalışdı.
Qəza mərkəzinə daxil olan Kərəm burada izi itirmək istəyirdi. Artıq hamı yuxudan oyanmışdı. Yolda, doqqazlarda adamlar gözə dəyirdi. Kərəm gah dolanbac küçələrdə at çapır, gah da köhlənini çəpərlərin üstündən hoppandırırdı. Buna baxmayaraq kazaklar onu dabanbasaraq təqib edir, gözdən qoymurdular. Onun hansı küçədən, hansı məhəllədən keçdiyini itlərin hürüşməsindən də bəlli etmək olardı.
Vəziyyət get-gedə gərginləşirdi. Bir çıxış yolu tapmaq lazım idi. Lakin Kərəm hələlik bir qərara gələ bilmirdi. Onun bu mahalda da dostları çox idi. Hansının qapısını açsa ona sığınacaq verərdilər. Amma o, heç kəsi divan yanında gözü kölgəli eləmək istəmirdi… Tini dönəndə ağlına bir fikir gəldi. Bayaq keçdiyi məhəlləyə qayıtsın. Oradakı bulağın yanında tanış ev görmüşdü. Atını ora sürdü. Xatalı qərar idi…
Qırmızı kərpicdən tikilmiş bu eyvanlı ev şəhər pristavı Abbas bəyin mülkü idi. Bu həmin Abbas bəy idi ki, neçə illərdir hökumətə can-başla qulluq eləyirdi. Bu həmin pristav idi ki, dəfələrlə Kərəmin üstünə dəstə-dəstə divan adamları aparmış, amma onu tuta bilməmişdi.
Bu yaxınlarda isə o öz süvari dəstəsi ilə Qazax – Borçalı qəzalarının sərhəd kəndlərini yoxlamaq tapşırığından qayıdarkən, yolda kimdənsə Kərəmin Körpülü kəndində olduğunu eşidib atını birbaş ora səyirtmişdi.
…Kərəm öz yoldaşları ilə doğrudan da həmin kənddə dostu Süleymanın toyunda idi. «Qarabağdan gəlmiş qonaqlar» adı ilə ayrıca bir otaqda əyləşib yemək-içməklə məşğul idilər. Lakin Abbas bəyin dəstəsi kəndə çatanda Kərəmgil artıq məclisi tərk eləmişdilər. Tərəflər çay qırağında qarşılaşdılar. Möhkəm atışma oldu. Yarım saat davam edən bu qızğın atışmada divan adamlarından iki nəfər ağır yara aldı: qaçaqlar isə sağ-salamat Ləlvər dağına çəkildilər…
İndi belə bir adamın evinə getmək, əlbəttə, ağlasığmaz hərəkət idi. Birdən-ikidən qapısını açmadığı, bir tikə çörəyini kəsmədiyi, evinin girdi-çıxdısına bələd olmadığı düşmənə bel bağlamaq olardımı?
Kərəm bulağa çatanda, atın cilovunu dartıb geri boylandı. Kazaklar hələ tini dönməmişdilər. Sıçrayıb atdan yerə endi. Böyük darvaza bağlı idi. Atı adamboyu hündürlüyündə olan kiçik qapıdan içəri saldı. Həyətə göz gəzdirib yuxarı baxdı. Eyvanda heç kəs yox idi. O, ətrafı meynəli pillələrlə tələsik eyvana qalxdı. Onu bu evə çəkib aparan hansı hiss, hansı işıq ucu, hansı duyğu idi?! Canavardan qaçıb, əjdahaya pənah aparmağın nə mənası vardı? Arxada kazaklar, qarşıda Abbas bəy! Onu izləyən də ölüm idi, gözləyən də. O, tüfəngini eyvanda qapı ağzına söykəyib cəsarətlə içəri girdi.
Külfəti yaylaqda olan Abbas bəy evdə tək idi. O, səhər yeməyinə yenicə başlamışdı. Kərəmi görən kimi diksindi, Onu dərhal tanımışdı. Ağzındakı loxma boğazında qaldı. Udqunub ayağa qalxdı. Əlindəki çörək tikəsi yerə düşdü. Baxışlar qarşılaşdı… Pristav qabağındakı qaçağı heyrətlə süzdü: «Cəsarətə bax! Bunu hansı niyyət, hansı yol gətirib bura çıxarmışdı? Yoxsa məni öldürməyə gəlib? Bəs silahı hanı?..» Kişinin matı-qutu qurumuşdu. Əsəbləri get-gedə tarımlanır, burma bığlı tunc sifətinin rəngi dəyişirdi. Kərəm düşünürdü ki, görəsən, indi neçə illərdi vəzifəsinin qulu olan bu qanun keşikçisi əsiri olduğu qalaq-qalaq yazılmış ədalətsiz qanunlarımı üstün tutacaq, yoxsa qanun kimi hökmü olan yazılmamış el-oba adətinimi?!
Bu vaxt evin yanından kazakların çaparaq keçdiyi eşidildi. Bu səsə diqqət kəsilən Abbas bəy düşündü: «hə… deyəsən, hərif ley əlindən qaçmış quş kim özünü düşmən yuvasına salmışdır»… Kişi bir balaca ürəkləndi. Gözucu stolun üstünə baxdı. Tapança əlyetərdə idi. «Hm… nə olsun ki, o, mənə pənah gətirib? Bəs mənim vəzifə borcum, xidməti vicdanım?… O öz ayağı ilə gəlib tora düşüb, indi açıb buraxım, bəs hökumətə nə cavab verərəm?..»
Qapı ağzında vüqarla dayanan Kərəm sükutun uzandığını görüb kişinin əlindən yerə düşən çörək tikəsini götürdü, əvvəl dodaqlarına, sonra da gözünün üstünə toxundurub stolun üstünə qoydu.
– Bilirəm, fikirləşirsən ki, çağırılmamış qonağa yer yoxdur… Əmbə mən sənə qonaq gəlməmişəm.
Fikri dumanlı Abbas bəyin gözlərindən sual yağdı: «Bəs niyə gəlmisən? Qaçaq hara, pristav evi hara?».
– Mən bu qapıya pənah gətirmişəm. – Kərəm sözünə davam etdi.
– Məni izləyirlər!
– Bu qapı kimin olduğunu bilirdinmi, yoxsa təvəkküləmi gəlmisən?
– Bilirdim, pristavın evidir, – dedi Kərəm, – amma bilmirdim ki, Abbas bəy məni belə qarşılayacaq?
Kərəmin nəzərləri onun üzündən çiyinlərinə qondu. Atmacanı və bu mənalı baxışı başa düşən Abbas bəy sanki paqonlarından xəcalət çəkdi. Onlar indi ağır bir yük kimi kişinin çiyinlərini əzirdi. Paqonlar edə bil pristavın hərəkətlərini güdür və indi onun nə kimi qərara gələcəyini izləyirdi… Abbas bəyi tər basmışdı. Kərəmin zəhmli baxışları onun paqonlu pencəyini əynindən soyundurub çarpayının üstünə atdırdı. Bununla da kişi sanki özündə bir yüngüllük hiss elədi.
– Hava bu gün də isti olacaq, – deyə astadan pıçıldadı.
Kərəm qımışdı. Hiss elədi ki, onun vicdanı qılıncına qalxan oldu. Abbas bəyin düşmənçilik hissi get-gedə gün görən qar kimi əriyirdi:
«Doğrudan da bəs mənim kişiliyim? Kərəm qaçaq olsa da, mərd, igid adamdı. Bu mahalda hamı onun xətrini istəyir. Mən niyə ona düşmən kəsilmişəm? Mənə neyləyib ki?.. Yox, özümü dana bilmərəm».....
O, yenə küçədən at ayaqlarının tappıltısını eşidib pəncərəyə yaxınlaşdı. «Qohum-əqraba, dost-tanış eşitsələr ki, Kərəmi ələ vermişəm, məni qınamazlarmı?..»
Küçəni başa vurub yenidən geri qayıdan kazaklar qonşu evlərin doqqazlarında vurnuxurdular. Görünür, onlar başa düşmüşdülər ki, axtardıqları adam hardasa buralarda, bu üç-dörd evdən birində gizlənmişdir. Ancaq hansında, kimin evində? Kərəmi görən də, görməyən də başını bulayır: «Bilmirəm», «Görmədim», deyirdi.
Pəncərədən boylanan Abbas bəy bulaq başında cavan oğlanı sorğu-suala tutan kazakı tanıdı. O, dəstə başçısı idi. Qəzaya tez-tez gəlirdi. Pristav ona salam verdi:
– Bu səhər-səhər nə olub, xeyirdimi? Kazak cavab verənə kimi kişi əlavə elədi:
– Gəlin, qonağımız olun!
– Çox sağ ol, Abbas bəy… Başqa bir vaxt…
Abbas bəy hiss etdi ki, onlar Kərəmin onun evində olduğunu bilmirlər. Odur ki, ürəyi bir az yerinə toxtadı.
– Nə olub, kimi axtarırsınız? Gözləri tez-tez sağa-sola baxan kazak dedi:
– Bilirsinizmi, gecə Tiflis qalasından dustaq qaçıb…
Səhərdən onu təqib edirik, izini indicə buralarda itirdik…
Abbas bəy gərnəşdi:
– Hə… axtarın, axtarın! Amma onu da deyim ki, buralarda gizlənməyə elə bir yer yoxdur. Qonşular da mənim qorxumdan adam gizlətməz…
Kərəm rusca bilmirdi, ona görə əvvəlcə bir az narahat oldu. Fikirləşirdi ki, görəsən pristav kazaklarla nə danışır? Yoxsa onun burada olduğunu xəbər verirdi? Bəlkə silaha əl atsın?.. Sonra o, Abbas bəyin özünü sakit, laqeyd aparmasından, gərnəşməsindən başa düşdü ki, söhbət onun xeyrinədir. Odur ki, pristav üzünü ona tərəf çevirəndə ondan bir söz soruşmadı. Amma gözlərindən yenə də sual yağırdı. Bunu hiss eləyən Abbas bəy:
– Qaladan dustaq qaçıb, onu axtarırlar, – dedi və təmiz bir stəkan-nəlbəki götürüb samovara yaxınlaşdı. Kərəm bayaq yolda onu ötüb keçən başıaçıq, ayağıyalın, üzü tüklü atlını xatırladı....
Abbas bəy samovardan süzdüyü çayı Kərəmin qarşısına qoydu və köhnə bir tanış kimi səmimiyyətlə dedi:
– Bəlkə bir tikə çörək yeyəsən?
– Çox sağ ol, – dedi Kərəm və ayağa qalxdı. – Sənin bu hörmətin duz-çörək qədər qiymətlidir. Mənə sığınacaq verdiyinə görə çox sağ ol, yaxşılıq heç vaxt itməz!.. Çalışaram ki, mən də bunun əvəzini çıxam. Amma bir xahişim nar. Qarışıqlıqda mənim üstümə gəlmə. Sonra peşmanlıq çəkərəm…
Abbas bəy bu zaman nə isə xoş bir hiss keçirirdi, elə bil üzərinə düşən böyük hökumət tapşırığını yerinə yetirmişdi.
Kərəm getmək istəyirdi. «İnanmaq yaxşıdı, amma lap çox inanmaq qorxuludur!». Pristav bu hislərdən ayazıya bilərdi…
Abbas bəy küçəyə çıxdı. Bulağın başında dayanıb sağa-sola göz gəzdirdi. Səhəngini su ilə doldurub oradan aralanan qadın tini burulanda, pristav həyətdə atın belində hazır dayanan Kərəmə işarə elədi. Kərəm böyük darvazanı azca aralayıb atın başını buraxdı. Kəhər qanad açdı. Kərəm Bolus-Kəpənəkçiyə, Emin ağanın görüşünə yollandı.
Onun arxasınca baxan Abbas bəy həm təəssüf, həm də rahatlıq hissilə düşündü: «Mərdliyə, cəsarətə bax. Ağla, ağayanalığa bax! Xalqın nə igid ürəkli oğlanları var… Amma hayıf ki, onların hərəsi bir diyardadır. Kimisi Kərəm kimi çöllərdə, kimisi qazamatlarda…»
Bu əhvalat tez bir zamanda şəhərdə, kənddə ağız-ağız gəzdi. Amma buna inanan da vardı, inanmayan da. Dövlət adamlarının isə əlində dəqiq sübut yox idi. Ona görə də bu dedi-qoduya inanmırdılar.
Sonralar Peterburqda çıxan. «Vestnik prava» jurnalı bu hadisəni belə qiymətləndirəcək: «…Pristav Şərq qonaqpərvərliyinin müqəddəs qaydalarını poza bilmədiyinə görə, onu gizlətmişdir. Qanuni hakimiyyət nümayəndəsinin bu cür hərəkəti, əlbəttə, Şərq adət və ənənələri ilə tanış olmayan adam üçün qəribə görünər. Əslində isə pristav çıxılmaz vəziyyətdə qalmışdır. əgər o öz çağırılmamış qonağını ələ versəydi, Kərəmin tərəfdarları tərəfindən alınacaq qanlı intiqam bir yana, pristavın öz qohumları, öz dostları ondan bir əclaf, satqın kimi üz döndərərdi…»
…Lakin qonaqpərvərlik adəti heç də müsəlmanı məcbur etmir ki, hər alçağı öz evində gizlətsin. Onlar yalnız o cinayətkarlara sığınacaq verirlər ki, o, müəyyən bir səbəb üzündən özündən asılı olmayaraq, günah işlədir. Hər adam öldürən qaçaq və ya soyğunçu deyil…
…Öz ləyaqətlərini qoruyarkən cinayət edən adamlar bəzən cəmiyyət içində şan-şöhrət qazanırlar. Kərəm hələ qaçaq düşməmişdən əvvəl camaatın gözündə məhz belə bir qəhrəman idi…»
KƏSƏMƏNDƏ ŞİMŞƏK ÇAXDI
Şəhərdən qayıdan Oruc ağa yorğun idi. Yar-yarağını bir-bir üstündən açıb Cavahir xanıma verdi. Çuxasını çıxarıb talvarın dirəyindən asdı. Sonra da damın sulanıb süpürülmüş kölgəsində salınmış palazın üstündə oturdu. O, iki gün idi ki, Tiflisdə idi. Ətlik üçün qəssablara verdiyi yüz qoyunun haqq-hesabını almağa getmişdi. Nökər Rəhim onu gözləyirmiş kimi sanki qeybdən yanında hazır oldu.
– Ağa, izn ver… – dedi və kişinin hər dəfə güclə geyinib soyunduğu xrom çəkmələri dartıb çıxarmağa başladı. Rəhim aralanan kimi qaravaş Səkinə gəldi. Əlində aftafa-ləyən vardı. Ağa əl-üzünü yuyub sərinləndi. Mütəkkəyə dirsəklənib yanına gələn Cavahir xanıma:
– Bir yaxşı bozartma bişirtdir, – dedi – şəhərdə hansı xörəyi yeyirəmsə canıma sinmir.
Cavahir xanım Səkinəyə göstəriş verdi ki, tez bir ocaq qalasın.
– Uşaqlar hardadı? – ağa soruşdu.
Cavahir xanım mehriban və ürəyi yumşaq bir qadın idi. Nurani sifətindən, ağ birçəyindən bilinirdi ki, cavanlığında gözəl olmuşdur.
– Məmmədlə Yusif Ağstafadan hələ qayıtmayıblar. İsrafil də Kərəmlə indicə Kürə çimməyə getdilər.
Bu vaxt İsgəndər həyətə daxil oldu. O, Oruc ağanın sərkarı idi. Ağa ilə salamlaşandan sonra dedi:
– Qaraçöpdən çapar gəlmişdi. Murğuz oğlu Məmməd sabah bizi oğlunun toyuna çağırır.
– Çağırır, gedərik, – dedi ağa. – Allah xeyir işini mübarək eləsin. Dədə-bava dostluğu belədir daa…
– Allah qayım-qatın eləsin! – İsgəndər əlavə etdi. Arxalığının cibindən kəhrəba təsbehini çıxardan ağa buyurdu:
– Gədələrə tapşır, dörd kəhər yəhərləsinlər. İsgəndər duruxdu: «Dörd at nə üçün?» Sərkarın marağını dərhal duyan ağa belə söylədi:
– Deyirəm İsrafillə Kərəmi də özümüzlə aparaq. Daha onların da bığ yeri tərləyib. Kişilər cərgəsinə qoşulub xeyrə-şərə gedən vaxtlarıdı…
Bu sözlər İsgəndərin də ürəyindən oldu.
– Əlbəttə, – dedi – ata dostu oğla mirasdı. Getsinlər, görsünlər, götürsünlər…
Kişi təsbehin xırda dənələrini barmaqları arasında asta-asta çevirərək başı ilə İsgəndərə işarə elədi ki, otursun. İsgəndər palazın üstündə ağa ilə üzbəüz əyləşdi, Cavahir xanım onlara samovardan çay süzdü.
…Əlqərəz, səhər tezdən dördü də atlandı. İki ata, iki oğul. Nökərlər köhlənləri çimizdirib quyruqlarını düyünləmişdilər. Atlar cilov gəmirirdi.
Ceyrançölün ildə bir ay yaşıl libasa bürünən vaxtı idi. Düzlərdə, irəmələrdə sirkan, yovşan, qarağan otları baş qaldırmışdı. Səhər-səhər bu şehli yaşıllığın sinə-sinə səpələnmiş naxır, ilxı və qoyun-quzu sürülərinin sayı-hesabı yox idi. göz işlədikcə uzanan düzənliklərdəki yataqların sayını bacalardan burula-burula qalxıb buludsuz göylərdə əriyən tüstülərdən bəlli etmək olardı.
Atlılar gah torpaq yolla, gah kəsə cığırlarla irəliləyirdilər.
Ekiz qardaşlar kimi çərkəzi çuxa geyinmiş İsrafillə Kərəmin atları qabaqda qoşa səkirdi. Oğlu ilə fəxr eləyən Oruc ağa:
– Yaxşı övlad ata-ana dayağıdır – dedi.
İsgəndər də gözü ilə Kərəmin boy-buxunun oxşayıb dedi:
– Allah ikisinədə uzun ömür versin. İyid balalardı. Tüfəngini yəhərin qaşında dizləri üstünə qoyan ağa uzaqlara baxdı:
– Qız böyüyər, gedib özgə çırağı yandırar. Ata yurdunu şöhrətləndirən oğul olar…
– Əlbəttə, oğul nəslin davamçısıdır. – dedi İsgəndər.
İsrafil, ağanın ortancıl oğlu idi. Övladları içərisində onu ən fərasətli sayırdı. Ürəyində ona ayrıca yer ayırmışdı.
Cavanlar hərdən də cıdıra çıxmış kimi bir-birilə ötüşür, gah o bunu, gah bu onu arxada qoyurdu. Kişi isə bu qərəzsiz yarışın fərqinə varıb həyəcan keçirirdi. Gahdan İsrafilin geri qalması ona pis təsir eləyirdi. Ağalıq qüruru açıq-açığına özünü büruzə verirdi.
Oruc ağa əslən rəiyyət idi. Amma sonralar ona hökumət tərəfindən necə deyərlər, «ağalıq» verilmişdi. İndi Kəsəmənin məşhur ağalarından idi. Var-dövləti başından aşıb-daşırdı. Çoxlu əkin yerləri, böyük cələsi, bir neçə qoyun-quzu sürüsü, xeyli mal-qarası və ilxısı vardı. Lakin artıq ixtiyarlaşmışdı. Altmış beş yaşı vardı, amma yaşından bir qədər cavan görünürdü. Uzun müddət rus ordusunda qulluq etdiyindən onda bir hərbi səliqə-sahmanı vardı. Özü də çox narahat adam idi. Ucaboylu, sağlambədənli və gümrah bir kişi idi. Lakin təzəlikdə düçar olduğu təngnəfəslik hərdən əl-ayağını göməşdirirdi. Odur ki, bir gün o, yanına gələn, özündən bir yaş böyük qardaşı ilə məsləhətləşdi.
– Alı, ağlıma bir fikir gəlib… İstəyirəm Molla Zal oğlu İsgəndəri sərkar tutam.
– İsgəndəri? – Məşədi Alı maraqlandı.
– Hə, daha qocalmışam, bu təngnəfəslik də bir yandan… Hər şeyə göz ola bilmirəm… Kəndçilər də, bilirsən daa… göz qırpmağa bənddirlər.
Məşədi Alı nimçədəki quruddan bir-iki qaşıq götürüb qarşısındakı yağlı xəngəlin üstünə tökdü.
– Elə olmağına elədir, – dedi – mal-dövlət can odudur. Görək gecə-gündüz hər şeyin haqq-hesabını aparasan. Əmbə…
Cavahir xanım hiss elədi ki, Məşədi Alı kişini fikrindən döndərmək istəyir. Söhbətə qarışdı.
– Bunu çoxdan eləməliydin, yoxsa hər şeyin dalınca özün qaçırsan. canın əzab-əziyyətlərdən qurtarar. Dağdan gələndən gah bostana qaçırsan, gah xırmana. gah o tayda yataqda, gah bu tayda cələdə…
Oruc ağa qaragül Buxara papağını çıxarıb böyrünə qoydu, xəngəl sinisini qabağına çəkdi.
– Mənə elə gəlir ki, o, rəiyyətlə də rəftar eləməyi bacarır, bəylərlə də.
Samovarın yanında oturub təzə çay dəmləyən Cavahir xanım:
– Elədir, – deyə ərinin sözünə qüvvət verdi. – O, həm qoçaqdır, həm də el-oba içində nüfuzu var. Yazı-pozu da bacarır.
Molla Zal oğlu İsgəndər adicə rəncbər idi. Amma el arasında gözüaçıq, ağıllı və qoçaq bir kişi kimi tanıyırdı. Qırx yaşı vardı, di gəl, yoxsul kəndlilər, qohum-əqrəba ona bir ağsaqqal kimi baxırdı. Dara düşəndə yanına məsləhətə gedərdilər.
Məşədi Alı ovcu ilə yağlı saqqalını sildi. Sonra öz fikrini bildirdi:
– Əmbə bir iş var ki, o bir az dikbaşdır. Bilmirəm sən deyənə razı olacaq ya yox? Özün halısan ki, rəiyyət olsa da məğrur adamdı. Ağalara, bəylərə baş əyən döyül.
Kişinin qaşları çatıldı. Ürəyində: «Elə dikbaş olduğuna görə də neçə dəfə divana düşüb-çıxıb!» – deyə fikirləşdi və əsəbi halda dilləndi:
– Bir yesin, beş də nəzir-niyaz versin ki, mənim kimi bir ağaya sərkar olacaq. Bu qədər var-dövlətin, nökər-nayibin ixtiyarını ona verirəm. Filan qədər də haqq alacaq razılıq verməz, mən də gedərəm başqasını tutaram. O qədər yalvaran var ki…
Cavahir xanım ərinə təkid qarışıq bir məsləhətlə:
– Hər yalvarana etibar olmaz kişi, – dedi, – Elə İsgəndər yaxşıdı. Yalvar da, yaxar da təki onu yola gətir. O, gözü-könlü tox adamdı. Nə yazıq ki, indi araya sərinlik düşüb. Biz onlarla əvvəllər ki, yaxın olmuşuq? Bir də unutma, onların bizə yaxşılığı keçib…
Cavahir xanımın yada saldığı yaxşılığın nədən ibarət olduğunu Oruc ağa yaxşı bilirdi. Oğlu İsrafil anadan olanda Cavahir xanım süddən kəsilmişdi. Uşağı il yarım İsgəndərin arvadı Fəxrənsə əmizdirmişdi. Bir dizi üstə Kərəmi, bir dizi üstə İsrafili oturtmuşdu. Onlar süd qardaşları idi. İndiyədək də doğma qardaş kimi bir-birinə mehribanlıq göstərirdilər.
Ürəyində arvadının sözlərinə haqq qazandıran ağa yenə yumşaldı.
– Mən də elə o köhnə xətir-hörmətə görə onu sərkar tutmaq istəyirəm.
…Ertəsi gün kişi İsgəndəri yanına çağırtdırıb fikrini ona söylədi. İsgəndər bu gözlənilməz təklifə təəccüb eləyib bir qədər fikrə getdi və sonra:
– Ağa, möhlət ver, bir fikirləşim, – dedi.
– Nə möhlət! Başın üstündə, fikrin başında. «Hə» de, çıxsın getsin.
İsgəndər gülümsədi. Ağa onu dilə tutub arxayın saldı ki, hər şey yaxşı olacaq, onlar bir ailə üzvü kimi dolanacaqlar. İsgəndərin külfəti çox idi. Uşaqları dolandırmaq üçün ağanın təklifi ona şirindirici göründü.
Kişi əlini İsgəndərə uzatdı.
– Dəmiri isti-isti döyərlər, allah xeyir versin! İsgəndər gülümsəyərək ağanın əlini sıxdı.
– Yaxşı, allah xeyir versin!
…O vaxtdan indi düz iki il keçirdi. İsgəndər bütün var-dövlətin haqq-hesabını aparır, taxılı vaxtında əkdirib-biçdirir, xırmanlara ciddi nəzarət edir, ətlik qoyunları, bostandan əldə olan məhsulu Gəncə – Tiflis bazarlarında satdırır, dağa-arana gedəndə ağanın köçünə kalladarlıq eləyirdi. Bir sözlə kişinin sağ əli idi, onun bütün təsərrüfat işlərinə o baxırdı.
Günü-gündən varlanan Oruc ağa sərkarından razı idi. Onun təsərrüfatında işləyən kəndlilər də daha bir o qədər narazılıq eləmirdilər. İsgəndər onları incitmir, haqlarını vaxtlı-vaxtında verir, imkan düşəndə də əl-altdan kasıblara kömək eləyirdi. Lakin onun bəzi məsələlərə müdaxilə eləməsi, kəndliləri ayıq salması Kəsəmən ağalarının xoşuna gəlmirdi, Onların mənliyinə, mənafeyinə, toxunurdu. Odur ki, hərdən ondan Oruc ağaya qandırırdılar. «Sən ona inanma, saman altdan su yeridəndir»
Başqa birisi deyirdi: «O, rəiyyətlə əlbirdir, onlara dil verir».
Get-gedə bu deyilənlərdən şübhələnən kişi sərkarına göz qoymağa başladı. Camaatın acınacaqlı vəziyyətinə acıyan İsgəndər isə öz işində idi…
Əlqərəz… Onlar üç gün toy evində qonaq qaldılar, Yedilər, içdilər, aşıqlara qulaq asdılar, qara zurnanın havasına oynadılar.
Geri qayıdanda mahalın üst tərəfindəki gədikdə bu yerlərə təzə gəlmiş əsgərlərin düşərgə saldığını gördülər. Onların bir hissəsi kazarma tikir, bir hissəsi də xeyli aralıda hərbi təlim keçirdi.
Oruc ağa onları görəndə öz cavanlığı, könüllü əsgər gedib rus ordusunda xidmət elədiyi günləri xatırladı. Qaragül Buxara papağını yenə yan qoydu. Ağarmış bığlarını eşdi. Qamətini düzəldib yəhərin üstündə şax oturdu. Xəyalı ilişib o illərdə qaldı. Xatirələr birər-birər yadına düşdü.
O, 1828-1829-cu il rus-türk savaşının iştirakçısı idi. Müharibədə böyük şücaətlər göstərdiyinə görə orden-medallarla təltif olunmuş və çin almışdı. Hərdən bu haqda söhbət düşəndə özü öyünə-öyünə danışırdı:
«…Qarsın yaxınlığında qızğın dava gedirdi. Gah ruslar basılırdı, gah türklər. Amma bizimkilər hər dəfə xeyli irəliləyirdi. Bir kərə bizim dəstə türk əsgərlərini Soğanlıq dərəsi deyilən yerdə haqlayıb onların bir neçə top-tüfəngini və bayrağını ələ keçirdi. Bax, bu medalı mənə onda veriblər…
Bir dəfə də yenə. meşəlik bir yerdə qanlı vuruşma gedirdi. Türklərin qorxu-ürkü bilməz iyid bir ordu başçısı vardı. Od-alov idi eləcə. Gözümüzü açmağa bizə imkan vermirdi. Qoşunun qabağında əlində qılınc nərə çəkərək üstümüzə gələndə dəstəmiz pərən-pərən olur və xeyli tələfat verirdi. Bizim atlı dəstə komandanlıqdan əmr aldı ki, necə olursa-olsun onların tutduğu mövqeyi yarıb keçmək, üstəlik həmin o türk paşasının ya ölüsünü, ya dirisini gətirmək lazımdır. Kim bu əməliyyatda fərqlənsə böyük çin alacaq. Dəstəmiz hücuma keçdi. Düşmənlər bu basqından sarsılıb atışa-atışa geri çəkilməyə başladılar. Paşanın qoşununu darmadağın eləyib cəbhəni yardıq. Əsgərlər çöldə pələsəng olub hərəsi bir yana qaçırdı. Mənim gözüm dəstədən ayrı düşmüş türk paşasını almışdı. «Ya mədəd!» – deyib onun dalınca döşəndim. O qaçır, mən qovurdum! Xeyli də atışdıq. Axır gedib bataqlıq bir yerə çıxdıq. Burada onu haqladım. Atı daha bayaqkı kimi qaça bilmirdi. Birdən paşanın yəhərdən yerə yıxıldığını gördüm. Gözlərimə inanmadım. Sən demə mənim gülləm onu ağır yaralayıbmış. Atın cilovunu çəkib bataqlığın qırağında dayandım. Bir az nəfəsimi dərmək istəyirdim. Bir də nə görsəm yaxşıdı? Gördüm bataqlıq paşanı özünə çəkir. Fikirləşdim ki, ey dili qafil, o batsa kim inanacaq ki, onu mən öldürmüşəm? Tez atdan düşüb yaxınlaşdım. Gördüm özündə-sözündə deyil. Qolundan tutub dartdım. Çıxarda bilmədim. Meyit artıq yarıya qədər bataqlığa batmışdı. Bəs mən neyləyim, çəkdiyim zəhmət hədərmi getsin? Ağlıma bir fikir gəldi. Xəncəri çıxardıb başını üzdüm. Çini də, bax bu ordeni də onda veriblər…»
…Onlar gədiyi aşdılar. Kiçik təpənin ətəyində on iki at otlayırdı. Hamısı da xamda yeyib səmrimiş seçmə Qarabağ atlarına oxşayırdı. Oruc ağa onları görəndə xəyaldan ayıldı. Ətrafına göz gəzdirdi. Hər yan kimsəsiz idi. Artıq düşərgə də, təlim keçən əsgərlər də görünmürdü, təpələrin arxasında qalmışdılar. Ağa düşündü: «Bir dəli şeytan deyir…» Qeyri-ixtiyari olaraq cilovu azca geri dartdı. At sahibinin qəsdini başa düşmüş kimi qulaqlarını şəkləyərək kiçik ilxıya baxıb kişnədi. Ağanın qəlbində gənclik coşqunluğu baş qaldırmışdı. O, qoca vaxtında özünü bir də imtahana çəkmək fikrinə düşmüşdü. Üzünü yanınca atını yorğa sürən İsgəndərə tutdu:
– O atları görürsənmi?
İsgəndər onun səsinin titrədiyini duydu. Fikrindən nələr keçdiyini bilib məqsədini başa düşdü, Ağaya heyrətlə baxdı. Ondan gözləmirdi. İsgəndər onu bu qəsdindən döndərmək, yayındırmaq istədi.
– Ağa, bəlkə göz olan var!..
Kişi təkrarən ətrafa boylandı. Qəti qərara gəlmiş kimi hökmlə israr etdi:
– Ayə, o yana hayla. Yiyəsinə xəbər çatana kimi biz Sac dağını aşacayıq.
Ağa yaşına uyuşmayan bir çevikliklə atını sürüb məqsədini irəlidə gedən cavanlara da bildirdi. At çapmaq, silah işlətmək, qoçaqlıq göstərmək həvəsində olan uşaqlar himə bənd imiş. Heç nəyin fərqinə varmadan atları qabaqlarına qatıb qovmağa başladılar.
İsgəndərlə Oruc ağa da onların arxasınca götürüldü. Tez-tez də qanrılıb geri baxırdılar.
Atlar mənzil döydükcə ayaqlarının zərbindən Ceyrançölün bağrı yarılırdı. Sanki cıdıra çıxmışdılar. Biri o birindən geri qalmaq istəmirdi. Qarşıdakı yalı yenicə aşmışdılar ki, bu zaman arxa tərəfdən hay-haray və at ayaqlarınIn tappıltısı eşidildi. Oruc ağa da, İsgəndər də eyni bir vaxtda qanrılıb geri baxdılar. Arxada əmələ gələn toz dumanı içərisində dallarınca gələn bir dəstə atlı göründü: Kişilər atları daha bərk səyirtdilər. Oruc ağa onlardan irəlidə çapan cavanlara qışqırdı.
– Dalımızca kazaklar gəlir. Atları qamçılayın! Tez olun! Tez, tez!
Atların surəti bir az artdı. Lakin anlar bir-birinə calandıqca, dəqiqələr ötdükcə kazaklarla onların arasındakı məsafə daralırdı. Ağ yala çatar-çatmaz atışma başladı. İsrafillə Kərəm yenə qabaqda ilxını qovur, İsgəndərlə Oruc ağa onları qoruyur, atlarını çapa-çapa qanrılıb çiyinləri üstündən gülləni-gülləyə calayırdılar…
Bu ara arxadan atılan güllələrdən biri Oruc ağamın papağını yaladı. Kişini dəhşət götürdü. Xəta qıl yazmışdı. «Ya allah, bizi bu dardan qurtar. Özüm heç, İsrafilə bir xəta toxunmasın!»
Kazaklar onları haqlamaqda idi. Birdən qarşıda dərin bir qolpun qaraldı. İrəlidə dördnala çapan atlar ehtiyatlandı. Qulaqlarını şəklədilər. Təntiyib kişnədilər. Və birdən qolpunun qırağına dirənib bir-birinə qısılaraq, burulğan kimi bir yerdə dövrə vurdular. Lakin irəlidə gedən İsrafil dayana bilməzdi. Dayanmaq ölüm demək idi. İrəli də getmək təhlükəli idi, əjdaha kimi ağzını açmış dərin uçurum onları uda bilərdi. İsrafil hiss elədi ki, Sarı atın gözü qolpunu almışdı. Buna baxmayaraq, at eni təxminən dörd-beş arşın olan dərənin üstündən o üzə sıçrayanda İsrafil gözlərini yumub özünü uçurumun dibində yerə dəyəcəyinə hazırladı. Lakin yaxşı təlim görmüş Sarı at sahibini darda qoymadı. Qolpunun üstündən quş kimi süzüb o taya düşdü. Büdrədi, amma yıxılmadı. Arxadan dabanbasaraq .gələn Kərəm, Oruc ağa və İsgəndər də qarşıdakı təhlükədən salamat qurtardılar. İlxı o tayda qaldı.
Kazaklar qolpunu adlamadılar, atları saldırdıqlarına görə artıq təqibi mənasız saymışdılar. Kiçik ilxını qabaqlarına qatıb geri qayıtdılar.
Artıq şər qarışmaqda idi. Günəş üfüqdə yaratdığı al mənzərənin ahənginə qovuşub yavaş-yavaş əriyirdi.
Onlar bələnlər aşdılar, dərələr endilər, düzlərə çıxdılar və axır gəlib «Arıx evinin acısına» çatdılar. Artıq təhlükə sovuşmuşdu. Demək olar ki, onlar böyük xəta-bəladan qurtarmışdılar. Hamı ürəyində allaha şükür eləyirdi. Amma tək Oruc ağa qəmli, qüssəli görünürdü. Qaş-qabaqlı halda dilləndi:
– Bir az burda dincimizi alaq! – Atın cilovunu çəkdi. Qan-tər içində olan kəhər dayanıb fınxırdı. Hamı kişinin təklifinə əməl eləyib atdan yerə endi.
Kəsəmənə az qalmışdı, kənd Kürün o tayında idi. Ağzı Kürə açılan bu dərə ilə acı su axıb çaya qovuşurdu.
Oruc ağa yovşan kolunun üstündə oturdu. Həyəcandan yenə ürəyi döyünürdü. Lakin bunun çox da fərqinə varmadı. Onu ayrı fikir çulğamışdı. Fikri-zikri Ağ yalda qalmışdı. Ürəyində bir ağırlıq, beynində bir durğunluq hiss edirdi. Qıllı, çal qaşları düyünlənmişdi. Buradan kəndin baş tərəfində, Kürün geniş açılmış qolları arasında böyük bir cələ vardı. Ağa bu cələni təzə almışdı. Hər gün onun seyrinə çıxırdı. İndi isə ora gözünün ucu ilə də baxmırdı. İsgəndər dedi:
– Aradan yaxşı çıxdıq, şükür bir qan-qada olmadı. Ağır-ağır başını tərpədən ağa dillənmədi. İsgəndər kişini nədənsə alındığını hiss etdi.
– Maşallah, uşaqlar da diribaş tərpəndilər, özlərini itirmədilər.
Kərəm atının yalmanına sığal çəkdi.
– Bizi dardan bu atlar qurtardı.
Oruc ağanın dərdi içini yandırırdı. Ürəyini saplağından üzən bu dərdi desinmi, deməsinmi? Niyə desin? Gözləri kordurmu, görmürlərmi?
İsrafil də nəsə demək istəyirdi ki, birdən atasını təzə görmüş kimi təəccüblə ona baxdı. Gözlərini döyə-deyə soruşdu:
– Ağam, papağın hanı?
İsrafilin səsindəki həyəcan nidası İsgəndərlə Kərəmi də heyrətləndirdi. Nəzərlər ağaya dikildi. Bəlkə kişi papağı çıxarıb yanına qoymuşdu? Baxışlar onun yan-yörəsində dolaşdı. Yox, qaragül Buxara papaq gözə dəymədi. Görünür bu vurhavurda, bu qaçhaqaçda papağın nə vaxt, harada düşdüyündən heç kəsin xəbəri olmamışdı. Bəlkə kişinin özü də bundan xəbərsiz idi? Yox, ağa elə bayaqdan ona görə alınıbmış. Kədərli halda bildirdi:
– Ağ yalda güllə yerə saldı.
Hamı məyus oldu. Araya soyuq sükut qondu. İsgəndər xəyalında Oruc ağanı günahlandırdı: «Taqsır özündədir. Əgər sənin fitnən olmasaydı, heç belə işə düşməzdik».
Kərəm fikirli-fikirli gəldiyi yollara boylandı.
Sükutun soyuq buzlarını İsrafil parçaladı:
– Mən gedib gətirərəm.
Dirsəklərini bükülmüş dizlərinin kündəsinə qoyub başını əlləri arasına alan Oruc ağa gözləri önündə canlanan cavanlığını haraylamaq istəyirdi. Gördü çox uzaqdadı. Ünü ora çatmaz. Oğluna baxdı. Ona güvəndi. İsrafil sözünü tamamladı:
– Amma indi yox, sabah. İndi ora getmək xatadı. Ağanı elə bil don vurdu. O, oğlundan belə cavab gözləmirdi. Bu acı dərə onu havasız bir zindan kimi sıxdı. Təəssüflə köksünü ötürdü və sinəsinə əyilmiş başını buladı. Bu da onun öyündüyü, güvəndiyi oğul! Bir xeyli heç kəs dinmədi. Sükutu pozmağa kimsə cəsarət etmədi. Nəhayət Oruc ağa özü dilləndi.
– Yaxşı, siz gedin!
– Bəs sən?! – İsrafil sadəlövhlüklə soruşdu. Ağa oğlunun üzünə belə baxmadan astadan israr etdi.
– Papaqsız kəndə getmərəm.
Sözün dərinliyinə varmayan İsrafil yenə:
– Ağam axı…
Ata oğlunun sözünü ağzında qoydu:
– Sənə dedim papaqsız kəndə ayaq basmaram. Kişinin ya papağı qaldı, ya başı fərqi yoxdur. Demirsən sabah gətirərsən? Mən də sabah kəndə gedərəm.
Tənəli sözlər İsrafilə təsir elədi. «Mən niyə ona elə cavab verdim? Bəlkə məni sınayır?».
Elə bu zaman qəflətən at ayaqlarının tappıltısı eşidildi. Dərəni toz dumanı bürüdü. Hürkmüş nəzərlər tez o səmtə dikildi. Əllər silahları qamarladı. Atlının kimliyi bilinmədi. O, yalnız tozlu dərədən döşə qalxanda elə bil buluddan şimşək çaxdı. Atın belindəki Kərəm idi. Baxışlar bir an onun getdiyi səmtdə boşluqdan asılı qaldı. Bu hadisə acı bir faciə kimi Oruc ağanın sümüyünə, iliyinə işləyib onu çox sarsıtdı. Kərəmin papağın dalınca getdiyini anlayan İsrafil də birdən sanki qəflət yuxusundan ayıldı. İçində bir qibtə, paxıllıq hissi zəhərli şahmar kimi baş qaldırdı. Artıq gec də olsa çevik bir hərəkətlə atının belinə sıçrayıb «Acı» ilə yuxarı, Ar yala yollandı.
İsgəndər, ağanın fikrini dağıtmaq məqsədilə dedi:
– Ağa, narahat olma, İsrafil də getdi. Papağı yerin deşiyində də olsa bu saat tapıb gətirəcəklər!
«İsrafil də getdi!» kəlamı kişini daha da odladı. O, «də» ifadəsində bir istehza duydu. Ona elə gəldi ki, İsgəndər bu sözü qəsdən, Kərəmin daha ürəkli olduğunu xüsusi qeyd etmək üçün belə dedi. Onsuz da oğlunun «Sabah götürərəm» – deməsi onun içini alt-üst eləmişdi.
Kişi düşündü: «Mən də elə bilirdim bu mahalda yaşıdları içində ondan iyid oğul olmayacaq. gör haa, zənnimi itirdi yoxsa?! Küçük südünəmi çəkdi, nədi?»
…İsrafil Ağ yala çatar-çatmaz bir də gördü ki, Kərəm güllə kimi ona sarı gəlir. Papaq da əlindədir. Amma onu qovurlar, iki atlı dabanbasaraq təqib edir. Silah işlətmədiklərindən bəlli idi ki, onlar Kərəmi diri tutmaq istəyirlər. Doğrudan da qəsdləri elə imiş. Birdən arxadan Kərəmə kəmənd atdılar. Havada ilan kimi qıvrılıb açılan kəndir boşa çıxdı. Kərəmin ürəyinə damdı ki, onu təqib edənlər yenə kəmənd atacaqlar. Odur ki, xəncərini sıyırıb əlində hazır tutdu. O, yanılmamışdı. Kəndiri təzədən qoluna dolayan kazak bir də cəhd göstərdi. Kəmənd az qaldı Kərəmin boğazına keçsin, lakin o, «ilanı» göydə doğradı.
İsrafilin dilindən qeyri-ixtiyari bir nida qopdu. «Ay gözünə dönüm!» Lakin içində bir qibtə, həsəd yeli əsdi. Əlacsız qalan atlılar silahlara əl atdılar. Elə bu zaman kazakların arxa tərəfindən dalbadal atəş səsləri eşidildi. Lakin geri qanrılıb baxan atlılar mat qaldılar. Arxada heç kim yox idi. Atları qamçılayıb yenə Kərəmin dalınca çapdılar. Yenə arxa səmtdə güllələr çartıltı qopardı. Bu, hiylə işlədib kazakların diqqətini yayındırmaq üçün bayaqdan dərədə gizlənərək onların yaxınlaşmasını gözləyən İsrafilin atdığı güllələrin sədası idi. Kazaklar ehtiyatlandılar. Atların sürətini azaldıb atəş saçan səmti güllə-barana tutdular. Kərəmə də elə bu, bircə an lazım idi. Atını çapıb uzaqlaşdı. Dərə ilə atını səyirdən İsrafİl ona «Arıx evinin yatağı» yaxınlığında çatdı. Kişilərin yanına qoşa gəldilər. Kərəm yəhərdən yerə sıçrayıb papağı Oruc ağaya verdi. Yaxasını açıb sinəsi dolu nəfəs alan kişi az qala gözü ilə Kərəmi nəzərləmək istəyirdi. Dilucu dil-ağız elədi.
– Çox sağ ol oğul, böyük iş görmüsən.
İsrafil atasının sözünə qüvvət verirmiş kimi səmimi bir tərzdə etiraf elədi:
– Hə, bilirsən necə qoçaqlıq göstərdi?! Kazaklar onu kəməndlə tutmaq istəyirdilər. Kərəm kəməndi xəncərlə göydə doğradı.
Ağa oğlunu tərs-tərs süzdü. Onun bu qəzəbli baxışlarından sanki: «Başqasının hünərinə sevinincə, barı öz hərəkətindən utan!» – ifadəsi oxundu.
İsgəndərin ürəyi dağa dönmüşdü, üz-gözündə bir qürur sezilirdi.
Oruc ağa atını yedəklədi. Hamı ilə küsülü kimi dinməz-söyləməz «Acı» ilə aşağı gedib «Gəmiişləyən» səmtdən Kürə endi. İsrafil, Kərəm və İsgəndər də hər kəs öz aləmində onun arxasınca getdilər.
Sahilə çatanda yenidən atları minib çayı o taya keçdilər. Kürün bulanıq suları ağanın başındakı dumanlı fikirlər kimi qıvrılır, burulurdu. Onlar kəndin içi ilə xeyli gedəndən sonra yollar ayrıldı. Oruc ağa ilə İsrafil sağa, İsgəndərlə Kərəm sola buruldu. İsrafil geri qanrılıb üzündə təbəssüm Kərəmə əl elədi.
Bir müddət oğlu ilə yol gedən ağanın sükutunda bir tufan, bir partlayış yaranmaqda idi. Oğluna acığı tutmuşdu. Nəhayət, dilləndi:
– Mən səni belə bilməzdim. İsrafil heç nə olmamış kimi:
– Necə? – deyə xəbər aldı.
Kişi istədi ki, dilinin ucuna gələn «qeyrətsiz!» sözünü işlətsin, amma yenə özünü saxladı. İsrafili Kərəmə bağlayan telləri qılıncladı:
– Sən ağa oğlusan, o isə rəiyyət balasıdır. Papağın dalınca niyə sən birinci getmədin? Mənim ümidimi niyə daşa çaxdın? Sabah bu əhvalat kənddə danışılanda onun adı, hörməti səni üstələməyəcəkmi? Məni niyə rüsvay-cahan etdin? Sənin kimi vaxtımda mən müharibələrin od-alovunda qaynayırdım…
İsrafil alınmışdı, dillənmirdi, lakin atasının xəbis ağalıq qüruru gözəgörünməz bir iblis kimi yavaş-yavaş onun ürəyinə hakim kəsilirdi.
Bir neçə gündən sonra, səhərin gözü yenicə açılmışdı ki, kəndin koxası Oruc ağanın doqqazında göründü. Nökər ağanı evdən bayıra çağırdı. Koxa:
– Ağa, sabahın xeyir!
Sorğulu gözlərini koxaya zilləyən kişi zəif bir səslə:
– Sabahın xeyir, – dedi.
– Dünən Qazağa getmişdim. Ləçənnik dedi sənə çatdırım ki, bu gün mütləq onun yanına gedəsən.
Oruc ağa onsuz da iki gündür səksəkəli idi, maraqlandı:
– Nədi, xeyirdirmi?
– Vallah nə deyim?..
Kişi duruxdu. Ürəyinə damdı ki, yəqin qəza rəisi onu ilxı basqınına görə çağırır. «Nə tez də xəbər tutublar? Bu qoca vaxtımda işə düşmədik?»…
Fikirli-fikirli xəbər aldı:
– Tək məni çağırıb?
– Bəli ağa....
– Yaxşı, – dedi ağa.
Koxa atını sürüb getdi. Kişi isə doqqazda xeyli öz xəyalı ilə tək qaldı: «Qəribə işdir, bəs İsgəndəri niyə çağırmayıb? Baş açmıram, nə olan işdir? Bəlkə, hər şeyi onun üstünə yıxım? Əşşi, bəri başdan ürəyimi niyə yeyirəm, bəlkə elə başqa məsələdi?».. Evə getdi.
Qəlyanaltı eləyəndən sonra xeyrə-şərə gedəndə geyindiyi xrom çəkmələrini, qaragül Buxara papağını, zoğalrəng çuxasını geyinib bütün orden-medallarını döşünə taxdı. Hər ehtimala qarşı özü ilə xeyli pul götürüb Qazağa yollandı. Dəftərxanada Cəfər ağa ilə Aslan bəyə rast gəldi.
– Sizi də ləçənnik çağıtdırıb? – deyə həmyerlilərindən sual etdi.
Cəfər ağa tüstülənən qəlyanını damağından göturüb asta-asta başını tərpədərək:
– Bəli, – dedi.
Kişinin ürəyi bir az yerinə düşdü. Tanrıya şükür etdi ki, at məsələsi deyil. Buna baxmayaraq marağını gizlədə bilmədi, ucundan-qulağından bir şey öyrənmək istədi.
– Məni də çağırıb, görəsən nə məsələdi? Xəyala dalıb bığını eşən Aslan bəy dilləndi:
– Hər halda bura xeyriyyə cəmiyyəti deyil, bura həmişə əngəl işə görə çağırırlar.
Oruc ağanın ürəyinə yenə xal düşdü. «Bəlkə onları ayrı məsələ üçün çağırıblar?»
Aradan bir az keçmiş qəza rəisi onları qəbul elədi. Bir-bir görüşüb kef-hallarını xəbər aldı. Cəfər ağa ilə yaxın olsa da, Oruc ağanı müharibə iştirakçısı olduğu üçün xüsusi ehtiramla qarşıladı. Oturmaq üçün ona yer göstərdi. Sonra da özü yaşıl örtülü masanın arxasına keçib kürsüdə əyləşdi. Gözləri qarşısındakı məktubun sətirlərində gəzib ağalara dikildi.
– Bilirsinizmi, sizi bir məsələyə görə çağırmışam. Özü də çox ciddi məsələdir.
Ağalar təəccüb və təşviş içində bir-birinin üzünə baxdısa da xəyalən hər kəs öz qəlbinə boylandı. «Bu, nə ola bilər?».
– Sizdən danos var. – Qəza rəisi çeşməyini taxıb masanın üstündəki kağızı əlinə aldı. – Şikayət məktubudur. Böyük əlahəzrətin adına yazılıb. – Məktubu onlara göstərdi. – Burada sizlərin və bir neçə başqa ağaların da adları var.
Peterburqdan bəri Tiflisi, Gəncəni dolaşan məktubun rus dilinə tərcümə olunmuş nüsxəsi üzərində müxtəlif xətlərlə, müxtəlif rəngli qələmlərlə dərkənarlar qoyulmuş halda gəlib Qazağa çıxmışdı. Kəndlilərin adından yazılmış bu şikayət ərizəsinin aşağısında imza əvəzi mürəkkəbə batırılmış çoxlu barmaq basılmışdı.
Qəza rəisi məktubun məzmunu ilə ağaları tanış elədi. Orada təxminən belə qeyd olunurdu; «Əlahəzrət, eşitmişik ki, Siz yoxsul kəndlilərin qeydinə qalıb, fərman veribsiniz ki, onlara da torpaq ayrılsın. Çox sağ ol, allah taala sizə cansağlığı, uzun ömür əta etsin. Amma bir məsələ var ki, Gəncə quberniyasına sizin fərmanınızın təkcə sədası çatıb, Qazax qəzasında göstərişinizə əməl olunmur. Di gəl, bizim Kəsəməndə Cəfər ağanın 500 desyatin, Oruc ağanın 400, Aslan bəyin 400 desyatin, Allahqulu ağanın, Kərim ağanın və başqalarının istənilən qədər torpaq sahələri var. Anbarlarındakı taxıllara bit düşüb. Çox vaxt çürüyür, çölə atırlar. Amma kəndçilərə sələmi ilə verirlər. Bizim kəndin rəiyyəti isə yenə elə əvvəllərdə olduğu kimi ehtiyac içərisində yaşayır, yenə ağa və bəylərin torpağını icarəyə götürməyə məcburdur. Xahiş edirik sərəncam verin ağalarımızın torpağından bizə də bir az yer ayırsınlar…»
Ağalar fikrə getmişdilər. Bu, gözlənilməz zərbə onların səsini batırmışdı. Kabinetdə sükut qulaq batırırdı. Qəza rəisi, çəkdiyi papirosun tüstüsü arasından Cəfər ağaya baxdı. Cəfər ağa əlini çənəsinə qoyub nəzərlərini masa üzərində məchul bir nöqtəyə zilləmişdi. Fikirləşirdi ki, qəza rəisi ilə arası açıqdır, ona pul verib bu işdən. canını qurtaracaqdır. Amma buradan qayıdanda o kəndçilərə divan tutacaq. «Onlara yaxşılıq yoxdur. Mərifət, hörmət qanan məxluq deyillər. Tutaq ki, a köpək uşağı, sizə torpaq ayırdılar. Gəlib təzədən adammı olacaqsız? Ağalıq, bəylik gərək insanın qanında olsun! Neyləyək ki, tanrı sizi elə yaradıb, bizi belə?».
Qəza rəisinin baxışları. indi də Oruc ağada qərar tutdu. Kişi fikirli-fikirli əlində oynatdığı təsbehinə baxırdı. İçində danos yazana qarşı bir qəzəb təlatümu yaranmaqda idi. «Ah biləydim bu işə qol qoyanlar kimlərdi, hamısının barmaqlarını bir-bir doğruyardım. Mən qan töküb torpaq alanda onlar hardaydı?»
Aslan bəy adəti üzrə yenə arıq sifətində sallama bığlarını eşə-eşə fikrə getmişdi. Oruc ağanın sifətindəki kədər ona da sirayət etmişdi.
Qəza rəisi ciddi bir görkəm alıb soruşdu:
– Məsələ aydındır?
Cəfər ağa tutulmuşdu, fikirli-fikirli dedi:
– Aydın olmağına aydındır. Amma məni düşündürən başqa məsələdir. Görəsən bu məktubu kim yazıb?
Oruc ağanın nəzərləri Cəfər ağaya zilləndi. Qəza rəisi papirosunu kül qabının qırağına qoydu və:
– Sizin kəndlilər. – deyə cavab verdi. – İmza yerinə çoxlu barmaq basılıb.
– Orasını bilirəm. Ancaq onlar hardan bilirlər ki, Urusetdə torpaq islahatı olub, ya olmayıb?
Oruc ağa Cəfər ağanın fikrini anladı. «Həə, deməli, onları oyadan, öyrədən var» – kişi düşündü. Cəfər ağa sözünə-davam etdi:
– Sözsüz ki, onlara dil verən var. Məktubu da elə o, dilverən yazmış olacaq.
Aslan bəy söhbətə qarışdı:
– Elədir ki, var. Əgər yazan bizim kənddəndirsə xəttini mən o saat tanıyaram. Molla yazmaz, qazı yazmaz. Ağa ləçənnik, olarmı o xəttə bir baxaq?
Qəza rəisinin, Oruc ağanın döşündəki orden və medallarda ötəri dolaşan baxışları Aslan bəyin həyəcanlı sifətində bənd aldı.
– Xətt mənə tanışdır. Buyur bax. Ancaq bunun mətləbə nə dəxli? – mənalı-mənalı əlavə etdi: – Buradakı dərkənarlar…
Aslan bəy məktuba baxan kimi:
– Molla Zal oğlu İsgəndərin xəttidir, – dedi.
– Nəə? Elə şey olmaz! – Oruc ağanın ürəyi sıxıldı. İçində intiqam yeli əsdi.
Qəza rəisi Aslan bəyin sözlərini təsdiqlədi:
– Bəli, xətt onundur. Canişinliyə yazdığı məktubla tutuşdurmuşam.
Məktubu həqiqətən də rəiyyət adından İsgəndər yazmışdı. Cəfər ağa üzünü Oruc ağaya tutdu:
– Mən sənə deyəndə ki, o, çox baş aparır, bizləri saymır, inanmırdın. Bu da sübut! İndi get torpağını onunla yarı böl!
İsgəndər haqqında nə qədər yanlış fikirdə olduğunu anlayan Oruc ağa yana-yana başını yırğalayırdı. Qəza rəisi maraqlandı:
– Oruc ağa, o, sizin sərkarınızdır eləmi? Kişi başını tərpətdi. Qəza rəisi:
– Ümumiyyətdə o, necə adamdır?
Oruc ağa fikrə getdi. O, dillənənə kimi Aslan bəy dedi:
– Necə olacaq. Şərçi, danosçu! Kəndlilər onu özlərinə başbilən sayırlar. Bir dəfə sizdən əvvəlki ləçənniyin vaxtında onu tutmuşdular. Nahaq da buraxdılar!
– Nəyin üstündə? – qəza rəisi soruşdu. Cəfər ağa izah elədi:
– Xəlfəli Əmir Güləli oğlunun öldürülməsində günahlandırılırdı. Bir qədər də həbsxanada saxladılar. Müstəntiq Lakaşin zamına buraxdı…
– Bəs sonra?
– Sonra da, dedilər kifayət qədər dəlil olmadığından məhkəmə işi xətm eləyib…
Papirosunu söndürən qəza rəisi: «Ona göz olmaq lazımdır. Belələri hökumət əleyhinə də işləyə bilər» – deyə düşündü. Qələm götürüb masa üzərində ayrı bir kağıza qeyd elədi. «Molla Zal oğlu İsgəndər. Kəsəmən kəndi. Nəzarət!»
Oruc ağa sükutu pozdu:
– Ağa ləçənnik, indi nə məsləhət görürsünüz? Ağaları bir də sınayıcı nəzərlərlə süzən qəza rəisi yalandanmı, doğrudanmı dedi:
– Nə məsləhət görəcəm, vəziyyət heç də yaxşı deyil! Aslan bəy Cəfər ağanı qabağa vermək məqsədilə onu dümsüklədi. Cəfər ağa astadan içini arıtladı:
– Yox, ləçənnik, elə demə. Biz də kişiyik. Bilirik ki, hörmət hörmətə bağlıdır. Hər şeyi yaxşı qanırıq.
Bir qədər sükutdan sonra qəza rəisi alnını ovuşdura-ovuşdura dedi:
– Düzü, heç bilmirəm sizə necə kömək eləyim? Oruc ağa da onu dilə tutdu:
– Hər şey sizin əlinizdədir. Bu kağızı batırın. Cəfər ağanın eyhamını başa düşən qəza rəisi yumşaldı:
– Baxarıq. Fikirləşmək lazımdır… Amma indən belə sərkarını gözdən qoymaq olmaz. Onu mütləq nəzarət altına, almaq lazımdır.
Anlar ötdükcə Oruc ağanın içində köruklənən intiqam hissi közərirdi.
– Arxayın olun, İsgəndərin tədbirini özümüz görəcəyik. Cəfər ağa üzünü Oruc ağa ilə Aslan bəyə tutdu. Rəisin yumşaldığını görüb bu fürsətdən istifadə edərək söhbətə son qoydu:
– Yaxşı, siz bayırda gözləyin. Mənim ləçənniklə ayrı söhbətim var. İndi gəlirəm.
Bu təklif qəza rəisinin də ürəyindən oldu. Cəfər ağanın bu işarəsini başa düşən Oruc ağa ilə Aslan bəy ayağa qalxdı və qəza rəisi ilə xudahafizləşib kabineti tərk etdilər.
* * *
Ağalar çox məyus halda geri qayıdırdılar, Bir müddət hər kəs öz aləminə çəkildi. Onlar indi İsgəndərə bir rəqib, bir düşmən kimi baxırdılar. Oruc ağa fikirləşirdi: «Yaxşı, deyək ki, bu gün bu işdən birtəhər canımızı qurtardıq. Bəs sonra? Kim inana bilər ki, o bir də padşahın adına belə bir məktub yazmayacaq? hər yazılan danosa bu qədər xərc çıxsa?»… – Onu od götürmüşdü, sükutu pozub söylənməyə başladı:
– Bu da mənim yaxşılığım? Ona-buna rəncbərlik eləməkdən beli bükülmüşdü. Gətirdim qapımda adam elədim. Sən bunun qırmızıüzlüyünə bir bax! Həm çörəyini yesin, həm də ayağının altından qazsın. Yaxşı, Zal oğlu, gör indi sənin başına nə oyun açıram!… Siz hələ məni yaxşı tanımırsan!
İsgəndərə qənim kəsilən Cəfər ağa da xəyalında onu asıb-kəsirdi. Təklif etdi:
– Onu aradan götürüb biryolluq izini itirmək lazımdır.
Bu fikrə şərik çıxan Aslan bəy də hiddətlənmişdi.
– Elədir, kəsik baş danışmaz olar. Yoxsa get-gedə ayağı yer alıb rəiyyəti üstümüzə qaldıracaq.
Oruc ağa əsəbi halda dilləndi:
– Qələt eləyəcək.
Cəfər ağa qaş-qabaqlı halda qara bığlarını eşdi: – Aslan bəy, sənin təklifin nədir?
– Gəlin qaravaş Mələyə pul verək, üstünə şər atsın, tutduraq.
Oruc ağa bu təklifə etiraz elədi:
– Yox, bu ləkə ona yapışmaz. Elə bir tədbir tökmək lazımdır ki, inandırıcı olsun.
Cəfər ağa da öz fikrini söylədi:
– Yaxşısı budur onu bir bəhanə ilə Ceyrançölə göndər, nökərlərdən bir-ikisini dalınca yollayaq, gecə ilə orada başını əksinlər!
Ağalar yol uzunu çox düşünüb daşındılar. Lakin qəti bir qərara gələ bilmədilər. Çətin vəziyyətə düşmüşdülər. Məsləhət belə oldu ki, indi yorulublar, bu axşam dincəlsinlər. Ayrı-ayrılıqda bəlkə də başlarına ağıllı bir fikir gəldi. Sabah Cəfər ağanın evində, gizli məşvərətə toplaşsınlar.
Onlar Dağkəsəmənin alt tərəfindən axan arxın qırağında ucalan qoşa ixtiyar çinarların kölgəsində qoyun sürüsünə rast gəldilər. Oruc ağa dağdan qayıdan sürülərini dərhal tanıdı. Kişi çobanları görcək cilovu çəkib yol-kənara çıxdı. Aslan bəy ilə Cəfər ağa da dayandı. Ağa atdan enib sürüyə yaxınlaşarkən, baş çoban Tapdıq kişi bir ağ toğlunun belindən yapışıb qucağına aldı. Oruc ağaya sarı tələsdi. Bu da bir adət idi. Ağa əlini cibinə salıb çobana bir üçlük verdi. Sonra o, çobanları sorğu-suala tutdu. Dağdan nə üçün vaxtından bir həftə qabaq gəldiklərini, sürüdən yolda ölüb-itəni, istiyə düşəni soruşdu və sürünün içinə girdi, bir neçə qoyunun belindən tutub əlləşdirdi.
Kür qırağının otu da bu saat yağışdan sonra üzərrik kimi baş qaldırıb. Bir beş-on gün də oralarda otarın yaxşı kökəlsinlər. Bu günlərdə Tiflisdən Vano qoyunlara baxmağa gələcək. Özünüz bilirsiniz ki, Vano pullu müştəridir. Onun siftəsindən sizə də xələt düşər.
– Ağa, düşsə də sağ ol, düşməsə də.
Ağalar kəndə çatanda artıq gün yaxmışdı. «Boz»un belindən aşağı enəndə hərə bir səmtə ayrıldı. Oruc ağa evə tələsdi. Düşünürdü ki, bu saat İsgəndəri yanına çağırtdırıb onu sorğu-suala tutsun, ağır sözlər desin. əgər o, hər şeyi dansa, cavab qaytarsa nökərlərə döydürüb dama saldırsın. «Əə, köpəkoğlu mən sənə nə yamanlıq eləmişəm?!»
Lakin evinə yaxınlaşanda bu fikrindən daşındı. O, belə qərara gəldi ki, İsgəndərin padşaha ərizə yazmasını, qəza rəisi ilə və ağalarla aralarında olan söhbəti, İsgəndərdən narazılığını, ona sui-qəsd hazırlanmasını evdə heç kəsə bildirməsin.
Ağanın gəldiyini görən nökər Rəhim tez irəli durub atın cilovundan yapışdı, üzəngisini basdı. Kişi yəhərdən yerə endi. O, həm yorğun, həm də qayğılı görünürdü. Lakin özünü o yerə qoymur, heç nə olmamış kimi aparmağa çalışırdı.
Ərinin xasiyyətinə yaxşı bələd olan Cavahir xanım isə onun qanı qara olduğunu o saat hiss elədi. Elə bildi ki, kişi bu gün kənddə baş verən hadisədən xəbərdardır, ona görə belə dilxordur.
Ağanın da evdə hökm sürən süstlükdən, ailə üzvlərinin sifətlərindəki pərişanlıqdan ürəyinə damdı ki, deyəsən onlar da onun Qazağa nə üçün getdiyini bilirlər. Gümanını yoxlamaq üçün soruşdu:
– Nə olub belə bir təhərsiz?
– Daha bundan artıq nə olacaq, bircə bu qalmışdı ki, indi də Mansur bəy bizə sataşsın?! Sənin sərkarına əl qaldırsın?.. O qardaşı arvadına sataşan oğraş!
Oruc ağa sual ifadə edən gözlərini döydü: – Bir de görüm, nə olub axı? Cavahir xanım yenə deyindi:
– Gətirdin kişinin oğluna bir tikə çörək verdin. O da bizim üstümüzdə burnundan töküldü. Az qalıblar bir-birini xəncərlə doğrasınlar. İsgəndər ağzı-burnu qanlı evlərinə getdi.
– Niyə, nəyin üstündə?
İsrafil hadisəni nəqlə başladı…
* * *
…Bostandan qayıdan İsgəndər Dəryəkqulular məhəlləsinin yanından dönüb nalbənd Bilalın həyətinə getdi. Bilalın evi «Zayej»in dal tərəfində idi. Həyətə girəndə gördü ki, burada üç-dörd adam var. Hamısı da atlarını nallatmağa gətirib. Kişilər talvarın kölgəsində oturub söhbət eləyə-eləyə qarpız yeyirdilər. İsgəndər ağ dırnaqlı, göy xallı atını qaratikan çəpərinin dirəyinə bənd eləyib, talvarın altına getdi.
Ləzgi evinin Namazı ona dedi:
– Gəl otur bizimlə qarpız ye.
– Çox sağ ol, elə bostandan gəlirəm. – İsgəndər nalbəndin yanına getdi. Dodaqaltı bayatı deyən pəhləvan cüssəli Bilal kişiyə salam verib, sınmış təkər topunun üstündə oturdu.
– Əleykümsalam! – deyən nalbənd soruşdu: – Oruc ağanın atını niyə gətirməyibsən? Onun da nallanmaq vaxtıdı.
– Bilirəm. Amma bu gün kişini nədən ötrüsə Qazağa çağırıblar.
Bu əsnada Mansur bəy gəldi. Hamı dönüb ona sarı baxdı. Bəy təzə aldığı ağ madyanının belində qürurla oturmuşdu. Əynində atın rənginə bənzər çuxa vardı. Nallatmağa gətirdiyi madyanı həyətdəki tut ağacına bağladı. İsgəndərin boynudüz kəhəri madyanı görən kimi havalandı. Qulaqlarını şəklədi, ayaqlarını yerə döyərək kişnədi.
Talvarın altında oturanların hamısı bu yaraşıqlı ağ madyana tamaşa eləyirdi. Bundan qürrələnən Mansur bəy İsgəndərə məhəl qoymadan kişilərin yanına gedib onlarla görüşdü. günü qumarda, kef məclislərində keçən Mansur bəy lovğa bir adam idi. Bir də deyilənə görə, oğurluq üstündə dustaq yatan qardaşının cavan arvadına sataşmışdı. Odur ki, hamının ondan zəhləsi gedirdi…
Yusif oğlu Nəsib dilləndi: dırnağı bərk olsun, a Mansur bəy, nə gözəl atdır
Boy lovğalandı:
– Çox sağ ol, ərəb atıdır.
Bayda oğlu Əsgər söhbətə qarışdı:
– Cins ata oxşayır. Nə səkil ayaqları var!.. Yorğadırmı?
Mansur bəy yenə təkəbbürlə cavab verdi: Dördayaqdır.
İsgəndər də qanrılıb gözucu madyana baxdı. Amma bir söz demədi. O, Mansur bəylə küsülü idi. Bir ay bundan əvvəl aralarında söz olmuşdu. Söz deyəndə ki… Mansur bəyin Heydərlərdən höcət Həsən adlı bir çobanı vardı. O, İsgəndərin dostu idi. Onun böyük oğlu Valeh, bəyin qızına aşiq olmuşdu. Qızın da oğlana meyli vardı. Di gəl, bu xəbəri eşidən Mansur bəy hirsindən dəli olur və elə həmin gün Valehi tapdırıb falaqqaya saldırır, qamçını əlinə alıb özü onu möhkəm döyür, sonra da damlayır. İki gün ona nə su, nə də çörək verdirir.
Höcət Həsən Ceyrançöldə qoyun otarırdı, heç nədən xəbəri yox idi. Arvadı ağlaya-ağlaya İsgəndərin yanına gəlir, əhvalatı ona danışır. İsgəndərin qanı qaralır. Uşağın anasını evlərində qoyub bir baş Mansur bəyin qapısına yollanır. Ancaq bəyi evdə tapmır. Günün günorta çağı damın qapısını sındırıb Valehi oradan çıxarır.
Onlar məscidin yanına çatanda günorta namazı yenicə qurtarıbmış. Mansur bəy də məsciddən çıxan camaatın arasında imiş. Valehi görcək duruxur. «Bunu kim açıb buraxıb?! – deyə öz-özünə xəyal edir. Lakin İsgəndəri onunla yanaşı dayanan görəndə işi başa düşür. Buna baxmayaraq, yenə təəccüb qarışıq bir hökmlə oğlandan xəbər alır:
– Səni kim açıb buraxıb?!
Bığ yeri yenicə tərləmiş Valehin bənizi qaçıb, gözlərinin altı qaralıbmış. Odlu baxışlarından kin, qəzəb yağırmış. Kişi onun lal sükutundan qorxur. Valehin qəzəbdən qəhərləndiyini görən İsgəndər təmkinlə deyir:
– Onu damdan mən çıxarmışam.
Bulud kimi tutulan Mansur bəy İsgəndərlə üz-üzə, göz-gözə dayanır. Ona bir rəiyyət kimi yuxarıdan aşağı baxıb hirsli-hirsli deyir:
– Sənin nə haqqın var ki, günün günorta çağı mənim qapımı sındırırsan?!
Qaşları düyünlənmiş İsgəndər suala sualla cavab verir:
– Bəs sənə kim ixtiyar verib ki, günahsız cavanı bu kökə salasan? Belə də vəhşilik olar?!
İsgəndərin ötkəmliyi xoşuna gəlmir. Mansur bəy çuxasının ətəyini kənar eləyib əlini arxalağının üstündən bağladığı xəncərin qəbzəsinə qoyur.
– Vəhşi özünsən! Çoban-çoluq mənimdi, özüm bilərəm. Sən kimsən? Divansan, koxasan, pristavsan, nəsən? Nə burada özbaşınalıq eləyirsən? Gözünü aç, xub bax! Buna bir bax, sərkar olub adam cərgəsinə qoşulub…
Söz İsgəndəri tutur. Gicgahlarında qanı oynayır.
– Bəy, çox yekə-yekə danışırsan. Gözlə başını girov qoyarsan!
– Nəə?.. Nə dedin?! – Mansur bəy İsgəndərin üstünə qıcanır. İsgəndər onu yaxalayır. Dava qızışan kimi ağsaqqallar araya girib onları aralayırlar…
O vaxtdan onlar küsülü idilər, danışmırdılar.
…İndi İsgəndərin atı dartınıb başını silkələdi, yalmanı havada dalğalandı. Dirəyə yüngülcə bənd olunmuş cilov açıldı. Ayaqları ilə yeri eşən kəhər şığıyıb bəylik atının belinə sıçramaq istədi. Ayaqları göydə oynayıb yerə endi. Mansur bəy narahat halda atına baxdı. Gözləri qızmış kəhər əl çəkmədi. İri dişlərini qıcayan madyan dalını kənara çəkib, yanpörtü dayandı. Kəhər bir də atılıb onun boynundan gəmirdi.
Mansur bəy lap əsəbiləşmişdi. Bunu hiss eləyən kişilər onu masqaraya qoydular.
Biri dedi:
– O saat bilinir ki, bəylik atıdır, rəiyyət atını yaxın qoymur.
Başqa birisi:
– Yox, yaxın qoymaz! – dedi.
Elə bu zaman kəhər sıçrayıb madyanın belinə qalxdı. Al rəng ağ rəngə qarışdı. Kişilər gülüşdülər.
– Bəs deyirdiz yaxın qoymaz!? – Namaz kişi söz atdı. İsgəndərin də dodaqlarına xəfif təbəssüm qondu. Mansur bəy tutulmuşdu, üzünü Bayda oğlu Əsgərə döndərdi:
– Ona deynən itini o yana eləsin!
– Günahdı, elə demə at muraddı. Namaz kişi zarafatla:
– A bəy, görünməmiş işdimi, qanını niyə qaraldırsan? Bayda oğlu Əsgər hiddət ocağını daha da qızışdırdı:
– Eh, heyvan nə qanır, belə işlər harda olar, harda olmaz? Mərifətdən kasıbdır!
Kefinə soğan doğranan Mansur bəy dodaqlarını çeynəyə-çeynəyə İsgəndərə iti bir nəzər salıb, nifrətlə dilləndi: – Mal yiyəsinə oxşar!
– Heyvan özünsən! – deyə İsgəndər oturduğu yerdən dik qalxdı – bu da o dəfəki döyul. Varın varımdan güclüdür, qolun-qolumdan zorlu ha döyul! Bu saat sənə bir toy tutaram ki, it əlindən əppək alar.
Ürəyi şiddətlə döyünən Mansur bəy hiss elədi ki, qan gicgahlarına vurdu. Bir an yerindəcə donub dillənmədi. Alnını soyuq tər basdı. Özünə gələn kimi dizləri üstünə qoyduğu tüfəngi əlinə aldı, çaxmağı hərləyib silahı üzünə qaldırdı. Lüləni İsgəndərin atına tuşladı.
Yerindən cəld tərpənən İsgəndər tüfəngi onun əlindən alıb kənara tulladı. Hirsindən gözləri az qala hədəqəsindən çıxan Mansur bəy İsgəndərin üstünə cumdu. Tutaşdılar. Qəzəbli baxışlar ani olaraq xəncər kimi bir-birinin gözünə sancıldı. Bəy İsgəndərin yaxasından ikiəlli yapışıb silkələyir və az qala dişləri ilə onu didmək istəyirdi. İsgəndər sağ əli ilə bəyin biləyindən, sol əli ilə dirsəyindən yuxarı möhkəm tutub onu hərəkət etməyə qoymurdu. Bəy birdən dartınıb İsgəndərin əlindən çıxdı və eyni zamanda atdığı təpik rəqibinin paçası arasına dəydi. Qarnında kəskin sancı hiss eləyən İsgəndər kəllə atdı, başı bəyin ağız-burnunu xurd-xəşil elədi. Bundan daha da hirslənib coşan bəy ona möhkəm bir zərbə endirmək istədi, lakin əli boşa keçdi, yalnız barmaqlarının ucu İsgəndərin burnuna toxundu. İsgəndərin burnundan qan açıldı. Bığları üstündən və arasından axan isti maye sanki dodaqlarını qarsıdı. Üst-başı da al qana bulandı. Bəy bir də üstünə gələndə İsgəndər onun çənəsindən elə bir zərbə endirdi ki, bəy özünü saxlaya bilmədi, daldalı gedərək arxası üstə yerə yıxıldı.
İsgəndər üzünü yana çevirib cibindən çıxardığı dəsmalla ağzını, çənəsini sildi. Ağ dəsmal ala qana bulandı.
Bu zaman Mansur bəy xəncərini siyirib uzandığı yerdən İsgəndərə atdı. Bunu gözünün ucu ilə görən İsgəndər tez hədəfdən bir addım kənara sıçradı. Elə bir çevikliklə də xəncəri yerdən götürüb pələng kimi bəyin üstünə cuman vaxt arxa tərəfdən qolundan qüvvətli bir əl yapışdı. Bu, pəhləvan cüssəli nalbəndin əli idi. Onları yenə ayırdılar…
…Oruc ağa xəyala dalmışdı. Bu əhvalatı dinlədikcə gözləri gah qıyılır, gah açılırdı, bəzən ürəyində sevinir, bəzən kədərlənirdi. Başında yaranan dumanlı fikirlər leysanlı buludlar kimi çaxnaşırdı.
Haqq üçün, elə Oruc ağanın özünün də Mansur bəydən zəhləsi gedirdi. Ancaq indi ürəyində onun hərəkətini alqışlayırdı. «Əmbə nə haqq eləyib İsgəndərin ağız-burnunu qanadıb!» O belə düşündü, lakin dili başqa söz dedi:
– Mansur bəy çox qələt eləyib mənim sərkarıma əl qaldırıb…
O, üzünü Səkinəyə tutub içməyə su istədi. Qaravaş qız daşın altından sərin, göz yaşı kimi dupduru su gətirdi. Cavahir xanım:
Get heç olmasa sərkarına baş çək, halını soruş, Dava-dərmana ehtiyacı var.
Kişi içi su ilə dolu dolçanı başına çəkib ayağa qalxdı. Baxışlarında nəsə gizli bir sirr vardı. «Sənin təriflədiyin, «o həm qoçaqdır, həm də el içində nüfuzu var. Gözü-könlü tox adamdı» dediyin İsgəndər heç bilirsən başımıza nə oyun açıb? «Yazı-pozusu da var» deyirdin. Bəli, var imiş! O məni qələmin ucunda oynatdısa mən onu qılıncın ucunda oynadacam».
– Düz deyirsən, gedim ona bir baş çəkim – deyib qapıdan çıxdı, amma İsgəndərgilə yox, Cəfər ağanın evinə yollandı. Artıq şər qarışmışdı. Aslan bəyi də çağırmışdılar. Gizli məşvərət sabah yox, bu gecə başladı. Oruc ağa eşitdiyi hadisəni danışdı. Cəfər ağa dedi:
– Bundan gözəl fürsət ələ düşməz. Biz yolda gələndə baş sındırırdıq ki, onu aradan necə götürək?
Əlqərəz, hər şeyi götür-qoy elədilər, ölçüb-biçdilər. Gözlənilməz, fövqəladə təsadüflər nəzərə alındı. Nəhayət, qərara gəldilər ki, Mansur bəy bu gecə öldürülsün! Ağalar and içdilər, qurana əl basdılar, söz verdilər ki, bu sirr öz aralarında qalmalıdır.
…Səhər tezdən kəndə səs yayıldı ki, Mansur bəy gecə alt tuman-köynəkdə evindən yoxa çıxıb. Bu xəbəri eşidən kimi qohum-əqrabası onun evinə axışırdı. Arvad-uşaq vay-şüvən qoparmışdı.
Camaat arasında müxtəlif fərziyyələr söylənirdi. Kimi deyirdi; «Bəlkə gecə su başına çıxanda yıxılıb çəpərin-zadın dibində qalıb?». Başqa birisi isə: «Bəlkə kişi havalanıb yuxuda durub gəzən adam kimi çöllərə düşüb.
Qohumlar Kürün sahillərini, çölü, cələni axtardılar. Güman gələn yerləri gəzdilər. Mansur bəyin nə ölüsü tapıldı, nə dirisi. Hamı bu işə mat-məəttəl qalmışdı. Onun dünən İsgəndərlə dalaşdığını da xatırlayanlar oldu, amma heç kəs İsgəndərdən şübhələnmirdi. Mansur bəyin rəhmətə gedən birinci arvadından olan Əhməd bəy polis idarəsinə gedib atasının gecə ilə yoxa çıxmasını divana xəbər verdi.
Ertəsi günü Qazaxdan pristav gəldi. Başında da beş-altı kazak vardı. Pristav əvvəlcə Mansur bəyin evini, həyətini gəzdi. Sonra ağsaqqallarla söhbət elədi, bəzi ağalara qulaq asdı. Oruc ağa İsgəndərə tərəf çıxdı:
– Mənim sərkarımın günahı yoxdur. Ondan nahaq şübhələnirsiniz, eşitdiyimə görə Mansur bəy onu döyüb…
Ona dünənki davanı da danışdılar. Pristav çox götür-qoydan sonra İsgəndəri yanına çağırtdırdı. Onu sorğu-suala tutdu:
– Dünən onunla dalaşmısanmı?
Pristavın qarşısında ayaq üstə dayanan İsgəndər.
– Bəli, – deyə cavab verdi.
– Nəyin üstündə?
– Atların… – deyib İsgəndər susdu.
– Dilin niyə tutulub, bir yerli-yataqlı danışsan… – At nədir?
İsgəndər bura yığışan arvad-uşaqdan ar eləyib məsələni ağartmaq istəmədi. Pristav acıqlandı.
– Niyə susursan, günahkarsan?
– Xeyr, taqsır onun özündə oldu. Camaat bilir. Cəfər ağa:
– Ay canım, İsgəndər elə adam deyil. Pristav ani fikrə getdi, sonra:
– Yaxşı, sən onu hədələmisənmi? Demisənmi ki, gör sənin başına nə oyun açacam?
İsgəndər dedi:
– Bəli, demişəm, amma onun bu gecə yoxa çıxmağından mənim xəbərim yoxdur. Qəsdim olsa, açıq-açığına öldürərdim. Belə gizli yox! Bu namərd işidir.
Pristav istehza ilə gülümsədi.
– Hm… xəbəri yoxdur!.. Bəs o üstündəki qan ləkələri nədir?
İsgəndər arxalığının döşünə və qoluna baxdı.
– Öz qanımdır. Burnum qanamışdı. Pristav ciddi bir görkəm aldı:
– Get, onu uşaq-muşaqa danış… Keçmişdə sizin aranızda bir ədavət olubmu?
Araya bir qədər sükut qondu. İsgəndər dostunun oğlu üstündə Mansur bəylə dalaşdığını xatırladı. Bu vaxt bəyin oğlu Əhməd bəy dilləndi:
– Bəli onların arasında ədavət vardı. O bir ay bundan əvvəl günün-günorta çağı bizim damın qapısını sındırmışdı. Onun üstündə dədəmlə dalaşmışdılar. Hələ onda az qalmışdı kişini xəncərlə doğrasın.
– Yalandır! Qapını sındırmağımın da səbəbi vardı.
– Onu məhkəmə ayırd edəcək.
Pristav kazaklara göstəriş verdi ki, İsgəndərin evində axtarış aparılsın. Divanla bərabər hamı Molla-zalların həyətinə axışdı.
Kazaklar İsgəndərin evini alt-üst elədilər, əlləri boşa çıxdı. Sonra tövləni, samanlığı axtardılar. Mansur bəyin meyiti samanın altından tapıldı.
İsgəndərin gözləri dörd oldu, yerindəcə qurudu.
Kazaklar onun əlinə qandal vurub Qazağa apardılar. Bir müddətdən sonra onu Sibirə göndərdilər. Bu əhvalat 1876-cı ildə olmuşdu.
…Mollazallar bu il Səlim bəyin torpağını icarəyə götürmüşdülər. Artıq taxıl biçilib qurtarmış, dərələr xırmana daşınmışdı. Xırmanı «Boz»un Poyluya baxan səmtində «Qara su»yun yaxınlığında açmışdılar. Bir az aralıda üç dəyə qurulmuşdu. Taxıl döyülüb qurtarana kimi onlar bu payızlıq binəsində yaşayacaqdı. İşin qızğın vaxtı idi. Kişilərdən kimi öküzləri vələ qoşur, kimi bəndəmləri açıb dərələri xırmana tökür, kimi döyülmüş taxıl uçun kənarda yer hazırlayırdı.
Arvadlar cərgə söyüdlərin kölgəsində qaynar asıb paltar yuyurdular.
Fəxrənsə dəyələrin arasında ocaq qalayıb xörək hazırlayırdı. İsgəndər ortadakı dəyədə idi. Ailəsinin içinə axşamdan gəlmişdi. Bir qədər nasaz idi. Sibirin sazağı, gecəsi-gündüzü olmayan qaçaqlıq həyatının əzab-əziyyətləri, yorğan-döşəksiz gecələrin rütubəti hərdən özünü büruzə verirdi. Lakin evə, ailəsinin içinə gələndə hər şeyi unudurdu. Fəxrənsə axşam onu küpələmişdi. Küpənin yeri qap-qara qaralmışdı. Kürəyindəki bu iri «qara xalın» üstündə şeh kimi qan damcıları əmələ gəlmişdi. Lakin indi o, özünü yaxşı hiss eləyirdi. Xeyli yüngülləşmişdi. Qaranlıq düşən kimi, o yenə Keşiş dağına getməli idi. Yoldaşları onu orada gözləyirdi. Yəhərli atı həmişəki kimi dəyələrin yanında hazır, silahı, əlyetərdə idi. O, sürgündən qaçandan sonra ağalara, hökumətə asi kəsilmiş adamlardan başına dəstə toplayıb artıq dörd il idi ki, qaçaqlıq eləyirdi. Adı Borçalı, Gəncəbasar və Ermənistanın bir çox mahallarına yayılmışdı. Yoxsullar, əlsiz-ayaqsızlar yenə əvvəlki kimi onun yanına məsləhətə, şikayətə gedirdilər. İsgəndər həmişə onlara əl tutur, yol göstərirdi.
Lakin onun Sibirdən qaçması hamıdan çox Oruc ağa nəslini yaman narahat eləmişdi. Onlar qorxurdular ki, İsgəndər, mərhum Oruc ağanın hayıfını oğlu İsrafil ağadan alar. Odur ki, gecə-gündüz gözdə-qulaqda idilər. Onun kəndə gəldiyni eşidəndə ağalığın nökərləri Qulam oğlu Rəhimlə Kərim səhərə kimi əli silahlı evin yan-yörəsində keşik çəkirdi. İsgəndərin hərdən ailəsinin içinə kəlməsini divana da xəbər vermişdilər. Lakin o, qeyri-müəyyən vaxtlarda gəldiyi üçün polis onun izinə düşə bilmirdi. Ona görə ağalığa rəsmi tapşırılmışdı ki, harda kimin rastına gəlsə başına bir güllə çaxsın.
İsgəndərin bu işlərdən xəbəri yox idi, amma bilirdi ki, ehtiyat igidin yaraşığıdır, hər dəqiqə onun başının üstünü ala bilərlər. Buna baxmayaraq, yenə ürək eləyib, kefi istəyəndə, darıxanda arvad-uşağının yanına gəlirdi.
O, dəyədə yerdən salınmış palazın üstünə uzanmışdı. Başının altında mütəkkə vardı. Ağır düşüncələrə qapılmışdı. Qarışıq, cavabı çətin tapılan fikirlər onu çulğamışdı. nə qədər belə səksəkəli ömür sürəcəkdi?.. Səkkiz il idi, evdən-eşikdən, el-obadan didərgin düşmüşdü. Qaçaqlıq həyatı onu bezdirmişdi. Mütəkkəyə dirsəklənib böyrü üstə çevrildi. Fikirləşdi ki, quş quşluğu ilə, balaları ərsiyə gətirib, qanad açana kimi onlara qayğı bəsləyir. O isə hələ bir oğul toyu da görməmişdi. Fəxrənsəni yanına çağırdı:
– Deyirəm, xırman qurtarsın Kərəmin toyunu başlayaq. Nə qədər nişanlı qalacaq? Qudamız Məmməd kişi də narahatdı. Ona söz verdim ki, bu yaxınlarda gəlini aparacayıq. Dedi, necə məsləhətdi.
Fəxrənsə sevindi.
Gün axşama əyilmişdi. Xeyli taxıl döymüş xırmançılar yorulmuşdu. Kür tərəfdən sərin meh əsirdi. Tağın qırağında dayanıb şana ilə samanlı taxılı sovuran Cəlal kişi qardaşı Abbasa dedi:
– Mən Səlim bəyi belə bilməzdim. Çox nainsaf adamdı. Əkin yerini heç olmasa yarılığa vermədi ki, qışı bir təhər yola verək.
Tayadakı dərələrdən xırmanın yanına daşıyan Abbas kişi dedi:
– Elə olsa nə varıydı ki?.. Gör neçə tağar buğdamız olardı. Hacı ağanın borcunu da verərdik.
Öküzlərin boyunduruğunda hodaxçı kimi oturan Əsəd vəli saxladı:
– Əmi, nə qədər borcumuz var?
Abbas kişi döşünü əlindəki yabanın sapına söykədi.
– Üç çuval!
Ağırlıq salmaq üçün vəlin üstündə dayanan Kərəm də yerə endi.
– Heç belə də iş olar?! Bu qədər zəhmət çək, ək, biç, döy, Səlim bəy də əli cibində gəlsin duru yerindən ikisini özünə götürsün, birini bizə haqq hesablasın!
Qəflətən itlər hürüşdü. Səs-səsə verib qarasuyun o tayındakı ulğun kolluğuna doğru cumdular. Şananı sol əlinə alıb sağ əlini gözünün üstünə tutan Cəlal kişi birdən qışqırdı:
– Ayə, qoymayın gəldilər!
Hamı iş-gücdən əl saxlayıb, itlər hürüşən tərəfə boylandı. Poylu tərəfdən dəyələrə sarı bir dəstə atlı gəlirdi. Qabaqda at çapan pristav idi. İsrafil ağanın əmisi oğlu Bayram və nökəri Qulam oğlu Kərim də onların arasında idi.
İsgəndərin dəyədə olduğunu İsrafil ağaya Kərim demişdi. O, günortadan bir az əvvəl Kür qırağında otlayan ilxıdan bir at ayırıb gətirirmiş. Ürgə birdən nədənsə hürküb özünü Mollazalların düşərgəsinə verib. Nökər onun dalınca gedəndə dəyələrin arasında İsgəndərin başı cilovlu, beli yəhərli atını tanıyır və tez xəbərə qaçır… Neçə vaxtdır belə bir fürsət gözləyən İsrafil ağa bu xəbəri eşidəndə həm sevinmiş, həm də həyəcan keçirmiş, «bu gün hər şey həll olunmalıdır!» – deyə düşünüb dərhal Bayramla Kərimi Qazağa divanın dalınca göndərmişdi. Rəhimə isə «Boz»un belində keşik çəkməyi tapşırmışdı. Pristavın dəstəsi Poylunun alt tərəfində görünəndə, o, ağalığa xəbər verməli idi. İsrafil ağa nə ki, qohum-əqrabası var, hamısını ayağa qaldırmışdı. Tayfanın bütün başipapaqlıları hazır vəziyyətdə idi.
Rəhim papağını çomağın ucuna keçirib havaya qaldıran kimi onlar da kənd tərəfdən hücuma keçdilər.
İsgəndər qardaşının səsini eşidincə tez yerindən sıçrayıb silahını əlinə aldı. Çaxmağı hərləyib gülləni lüləyə verdi və dərhal da bayıra atıldı.
Xırmandakılar isə dabanbasaraq dəyələrə doluşub silaha sarıldılar. Düşərgənin ətrafında hərə bir yerdə özünə mövqe tutdu. Pristavın dəstəsi də tez atlardan tökülüşüb özlərini kollara verdilər.
Atışma başladı. Mollazallar kənd tərəfdən də atəş açıldığını görüb iki yerə bölündülər. Abbas kişi, Kərəm, Həmid, Mədəd kazaklarla, Cəlal, İsgəndər, Əsəd, Qəhrəman isə İsrafil ağagillə qarşı dayandı.
Dəyələrin qapısı ağzına toplaşan arvadların hayharayı güllələrin səsinə qarışıb Poylu ilə «Boz»un arasında əsl döyüş meydanına çevrilən düzü başına götürmüşdü.
Kəndə də hay düşmüşdü. Ağalıqla rəiyyətin toqquşmasını eşidən camaat «Boz»un belinə axışırdı. Arvad-uşaq bir-birinə qarışmışdı. Ağsaqqallar, qarasaqqallar atışmanı dayandırmaq üçün bilmirdilər neyləsinlər. Bu ölüm-dirim davasında od-alov saçan güllələrin altına girmək mümkün deyildi.
Kərəm dərələrin dalından atəş açırdı. Onun növbəti gülləsi Bayramı yaraladı.
Bu tərəfdə isə İsgəndəri uç nəfər araya almışdı. Bir yandan İsrafil, bir yandan əmisi Məşədi Alı, bir yandan da nökər Rəhim onun üstünə güllə yağdırırdı. İsgəndərin tüfəngi isə alabafta kimi gah bu kolda, gah o kolda ötürdü. Birdən o, qamışlıqdan ona güllə atan Məşədi Alını gördü. Nişan alıb tətiyi çəkdi. Məşədi Alının tüfəngi əlindən yerə düşdü. Başı sinəsinə əyildi. Güllə düz ürəyinə dəymişdi.
İsrafil ağanın tutduğu mövqe həm bir az hündür, həm də bir qədər dalday idi. O, əmisinin vurulduğunu görüb dəhşətə gəldi. İçində yanan intiqam ocağı daha gur alışdı. O, indi yalnız İsgəndəri izləyirdi. «Səni özüm öldürəcəm». Birdən elə vəziyyət yarandı ki, ağa, İsgəndəri lap aydın gördü və dərhal onu tuşlayıb tüfənginin nişangahına gətirdi.
İsrafil ağanın atdığı güllə İsgəndərin papağını alnından azca geri sürüşdürdü. Ağa bir an əl saxlayıb diqqət kəsildi. İsgəndərin tüfəngi artıq susmuşdu.
Bu zaman «Boz»un dikdirində əli tüfəngli bir atlı göründü. Bu, özünü haraya yetirən İsrafil ağanın əmisi Molla Vəli idi. O, əlini gözünün üstünə qoyub ətrafı seyr elədi. Özününküləri axtarırdı. Kərəmi gördü. Kərəm atasına köməyə gedirdi. Molla Vəli tüfəngini yəhərin qaşından götürüb cəld Kərəmi nişan aldı. Lakin İsgəndərin tüfəngi açıldı. Molla Vəli sinəsinə dəyən güllənin zərbindən qamətini azca dikəldib sonra büzüşdü. Havaya açılan silahı əlindən yerə düşdü. Kişi müvazinətini itirdi, ayaqları üzəngidə arxası üstə atın tərkinə sərildi.
Güllənin zərbini hiss eləyən İsgəndərin bədəni gizildədi, gözləri alacalandı. Başı keyişdi. Əlini alnına qoydu. Beyni atlanırdı. Qulaqları da küyüldəməyə başladı. Alnını yalayıb keçən güllə beynini zədələmişdi. Əlini alnından gözü qabağına gətirdi. Barmaqları qana bələşmişdi. Alnından sızan qan düyünlənmiş qaşları arasından burnu uzunu axmağa başladı. Başında get-gedə bir boşluq əmələ gəlirdi. Elə bil bu boşluqda ocaq qalamışdılar.
İsgəndərin kiçik oğlu Məcid hələ uşaq idi. On üç-on dörd yaşı ancaq olardı. Buna baxmayaraq, o da əlinə tüfəng götürüb atışmada iştirak etməyə can atırdı. Lakin anası onu dəyədən eşiyə buraxmırdı.
– Uşaqsan, uşaq yerində otur. Sənin o güllə-baranın içində nə işin var?!
Məcid inadından əl çəkmirdi, gah yalvarır, gah ağlayırdı.
– Burax deyirəm sənə, burax məni!
– Dərdin alım, əl-ayağa dolaşma, qoy görək bu nə müsibətdir…
Bu zaman dəyələrin yanında açılmış arabanın üstündən atışmanı izləyən Zal qızı Gülnaz özünü hövləng içəri saldı. Dəyə çubuğundan asılmış qoltuqaltını götürüb Fəxrənsəyə dedi:
– Burax onu! İsgəndərin gülləsi qurtarıb. – Sonra üzünü Məcidə tutdu.
– Dədən tək söyüdün altındadır. Bu güllələri tez. ona çatdır…
Məcid əlindəki tüfəngi yükə söykədi, qoltuqaltını bibisindən alıb tez belinə bağladı və çevik bir hərəkətlə bayıra atıldı. O, kolların arası ilə gah sinə-sinə qaçır, gah sürünə-sürünə irəliləyirdi. Hərdən güllələr yan-yörəsindən vıyıltı ilə keçirdi. Axır ki, o gəlib atasının yanına çatdı. Kişinin üz-gözünü qanlı görəndə yerindəcə qurudu. Qəhər onu boğdu. İsgəndər güclə dilləndi:
– Niyə gəldin?
Məcid gördü ki, atası çox qan itirmişdi. Amma hələ huşu üstündə idi. İsgəndər oğlunu görəndə dikəlmək, həmişəki kimi məğrur, yenilməz görünmək istədi, lakin bacarmadı.
– Mənim bala tərlanım, dağlar qartalım!
Uşaq atasına sarındı. göz yaşları onun qanına qarışdı.
– Sənə güllə gətirmişəm! – dedi.
Kişinin gözləri güllə dəyəndə başından çıxarıb yanına qoyduğu qızılı qıvrım papağına sataşdı. Düşmən əlinə keçməsindən ehtiyatlandı.
– Papağı da, xəncəri, kəməri də götür, evimizə anar. Məcid yerdən bir neçə enli bağayarpağı dərib atasının alnından axan qanı silmək istədi. Kişi dumanlı gözlərini azca açıb ağır-ağır başını buladı. «Lazım deyil demək istədi. Çətinlik çəkdi. O, ağır günə qaldığını, get-gedə qan apardığını hiss etdikcə çöhrəsində təəssüf qarışıq bir məyusluq duyulurdu. Artıq hər şey onun gözündə tor görünürdü. Gözləri köhnə oylaqları gəzdi, kəndə sarı baxdı, Kürə endi, qəbiristanlığa dikildi, üfüqə zilləndi. günəş yavaş-yavaş qürub edirdi. Atışma get-gedə səngiyirdi…
…Kişini zili salınmış taxtın üstünə uzatmışdılar. Gözləri yumulu olsa da hələ sağ idi. Başına toplaşan qohum-əqrəbanın əlləri qoyunlarında qalmışdı. Üzlərdən kədər, gözlərdən ah-fəğan yağırdı.
Bacısı Gülnaz yanında oturmuşdu. Qardaşının o dünya ilə əlləşdiyini duysa da yenə ümidini itirmirdi. Nəsə allahdan bir möcüzə gözləyirdi. Özü xısın-xısın içində ağlasa da heç kimi vay-şivən qoparmağa qoymurdu. «Biz ağlayıb düşməni sevindirə bilmərik» – deyirdi.
O, başı ilə Kərəmə işarə elədi ki, anasını bayıra çıxarsın. Qanı ağzında dayanan Fəxrənsə hamilə idi. Rəngi-rufu qaçmışdı, qəhərdən ürəyi sıxılırdı. Kərəm onu həyətə toplaşan qonşu arvadlara tapşırıb geri qayıtdı.
Bu zaman İsgəndər dərindən inildədi.
– Can, can, a qardaş! – Zal qızı ondan da betər sızıldadı. Otaqdakıların ürəyindən qara qanlar axdı. Gülnaz yaralı qardaşının əlini əlinə alıb ucları get-gedə saralan barmaqlarına baxdı, sonra da onları qəhərdən qurumuş dodaqlarına sürtdü. İsgəndərin əli bu təmasdan sanki qüvvət aldı. Astaca yuxarı qalxıb başındakı qanlı sarığın üstündə qərar tapdı. Kişi yenə dəli bir ah çəkdi. Onun ömrü gödəldikcə iniltisi artırdı. Gülnaz ürək-dirək verdi:
– İyid İsgəndərə inilti yaraşmır. Gözünü bir aç bax, bütün qohum-əqrəban, balaların hamısı sağ-solunda dayanıb, sağ-salamatdır. Səndə də heç nə yoxdur. Yaran yüngüldür, sağalacaqsan!
Ürəyini qubar bürümüş Kərəmin gözləri yaşarmışdı. Qəzəbdən üzündəki əzələlər oynayırdı. O, qəhərli-qəhərli dedi:
– Ata, intiqamını alacam!
Hərdən şüurunu itirib hərdən özünə gələn İsgəndər tanış səs eşidib gözlərini açdı. Sorğulu nəzərlərini bacısının üzünə dikdi. Zal qızı onun qan sızmış gözlərini silib başını Kərəmə tərəf çevirdi.
– Gör, oğlun nə deyir?!
Kişi işığı öləzimiş gözlərini Kərəmə zillədi. Kərəm xəncərini qınında şaqqıldatdı:
– Deyirəm, qisasını yerdə qoymayacam!
İsgəndərin iniltisi azaldı. Gözlərinə işıq gəldi. Rəngi-rufu özünə qayıtdı. Üzündə-gözündə xəfif təbəssüm baxışlarında bir xumarlıq göründü. Bəlkə Zal qızı Gülnazın gözlədiyi möcüzə bu idi? Kişi ölümə qalib gəlmişdi? Amma yox! Bu, onun son nəfəsi imiş. Ruhu can evi ilə vidalaşırmış. Azca dikəlib son dəfə həsrətlə əlləri qoynunda dayanan uşaqlarına, bacı-qardaşlarına və elə bu zaman: «Vay, vay, qoymayın, evimin çırağı sönür!» – deyə qışqıraraq içəri girib, özünü ərinin üstünə salan Fəxrənsəyə baxdı, baxdı… eləcə də əcəl onu qucaqladı. Səs-səda kəndi başına götürdü. Balalar yetimləşdi, qohumlar kimsəsizləşdi. Zal qızı Gülnazın ürəyindən bir ağı qopdu:
Güllə dəydi sərindən,
Yer titrədi nərindən,
Mən gözünü aç dedim,
Niyə yumdun dərindən?
İsgəndərin ölüm xəbəri ildırım sürətilə el-obaya yayıldı. Yasa qonşu mahallardan da dostlar, tanışlar gəldi. Mərəkəyə Kavı koxa, Abbas kişi, Zal qızı başçılıq edirdi.
Ağ dırnaqlı, göy xallı köhləni qaraya tutmuşdular. Mərhumun tüfəngini, xəncərini, qoltuqaltı və kəmərini dal ayaqları pələngin pəncəsinə bənzəyən atın qara tumac dərili, yumşaq yastıqlı yəhərindən asmışdılar.
Gülnaz atın gəlin saçları kimi ipək yalını oxşaya-oxşaya deyirdi:
Boz at səni öyən hanı?
Başındakı yüyən hanı?
Bu dünyada gün görməmiş,
Söylə igid yiyən hanı?!
Dil bilirmiş kimi, qəhərlə kişnəyən vəfalı atın qumral gözlərindən gilə-gilə yaş axdı.
Cənazəni yerdən oğlanları götürdü. Arvadlar yenə şivən qopardılar. Kimi saçını yolub meyitin üstünə atır, kimi yerdən bir ovuc torpaq götürüb öz başına səpirdi.
Ağıçı qadınlardan Balgöz Yetər, Zorba Gözəl, Telli evinin Sənəmi növbə ilə ağı deyirdilər. Zal qızı da onlara qoşulmuşdu.
Sən gəzərdin o Rüstəmin elində,
Can bəslərdin köhlənlərin belində,
Niyə öldün ağa, düşmən əlində,
Atıb-vuran kamandarım ölübdür.
Əldən gedib ümidvarım ölübdür.
«Boz»u aşanda cənazəni arabaya qoydular «Çörək yeyənin fağırı olmaz» demişlər. Qohumların hamısı silahlanıb arabanı ortalığa almışdılar. Onlar indi bir nizamı orduya bənzəyirdilər. Lal sükut içərisində yavaş-yavaş addımlayırdılar.
İsgəndəri qəbiristanlığın ətəyində atası Molla Zalın qəbri yaxınlığında basdırdılar.
Mollazalların adamları kəndə qayıdanda «Boz»a çatar çatmaz İsgəndərin atı birdən şahə qalxıb kişnədi, çırpınıb geri dartıldı. Əsəd cilovu əlində saxlaya bilmədi! Köhlən teylənmiş ceyran kimi baş alıb «Qarasu»nun qırağı ilə cələyə tərəf götürüldü. Hamı yerindəcə donu atın bu hərəkətinə mat qalmışdı. Məşədi Fərəc oğlu Səməd dedi:
– At igidin yoldaşıdır. Etibara bir bax, o da İsgəndərsiz evə dönmək istəmir. Yaxşı dost yaman gündə tanınar Bu sözlər Zal qızının ürəyini riqqətə gətirdi. Ağzından çıxan kəlamlar inci kimi qatarlandı:
Boz atım niyə getdi?
Nə dedik, niyə getdi?
Evdən bir arxa gedər,
İkisi niyə getdi?!
Kərəmlə Balasöyün əlüstü atlanıb köhlənin dalınca çapdılar. Cələnin başında onu haqladılarsa da at cilovu ələ vermədi. Aradan çıxıb meşəyə qaçdı. Onu gün batana kimi axtardılar. Tapılmadı. Meşənin dərinliyində gözdən itib qeybə çəkilmişdi.
Artıq şər qarışmaq üzrə idi. Kərəmgil uğursuz geri qayıdırdılar. Aşağı Kəsəmənə yaxınlaşanda birdən Kərəmin gözləri kəndin girəcəyində bir dəstə atlı gördü. Diqqətlə baxanda onların arasında Ağstafa pristavı Aleksandr Yüzbaşovu tanıdı, Başında da üç-dörd strajnik vardı. İsrafil ağa ilə Niftalı koxa da yanlarında idi. Onlar dayanıb Kərəmgilin yaxınlaşmasını gözləyirdilər.
Dünən polis dəftərxanasında Kəsəmən ağalarının iştirakı ilə keçirilən gizli məşvərətdə belə qərara alınmışdı ki, İsgəndər dəfn olunan kimi oğlu Kərəmi tutub Sibirə göndərmək lazımdır. Çünki o dikbaşdır, kənddə heç kəsi saymır. Hökuməti bəyənmir. Atası onun da qanını zəhərləmişdir.
…Kərəm onları görəndə cilovu azca geri dartdı. Divanın niyyəti sanki ürəyinə dammışdı. Balasöyün də onlardan şübhələndi. Hələ arada bir güllə mənzili məsafə vardı. Atlar yavaş-yavaş irəliləyirdi. Kərəm xəyalında nəsə götür-qoy eləyirdi. Balasöyünü də fikir çulğamışdı. Onun da əli qanlı idi. Dünənki atışmada o da iştirak etmişdi.
– Onlar bizi tutmağa gəliblər…
– Elədir, – dedi Kərəm. – Aradan çıxmaq lazımdır.
Onlar sözləşdikləri kimi atların başını qəflətən geri döndərib. meşəyə tərəf çapdılar. Divan adamları onların arxasınca döşəndi. Təqib, atışma başladı. Güllələr onların yan-yörəsindən, başlarının üstündən vıyıltı ilə keçirdi. Lakin pristav Kərəmi diri tutmaq istəyirdi.
Kərəm geri qanrılanda gördü ki, strajniklərdən biri az qalıbdır ki, onu haqlasın. Tüfəngi sol çiyni üstündən qaldırıb strajniki bir güllə ilə atdan yerə sərdi.
Balasöyün də yasavul Həzrətqulunu yaraladı. Onlar meşəyə çatmağa az qalmışdı. Bu zaman İsrafil ağanın gülləsi Kərəmin atının sol qoluna dəydi. Kəhər büdrəyib axsamağa başladı. Kərəm az qaldı yəhərdən yerə yıxılsın. «Ay zalım bu heyvanın nə günahı?!» – deyə düşünən Kərəm hiss elədi ki, at artıq qaça bilmir, onu yarı yolda qoyacaq. Bunu görən pristav Yüzbaşov mənalı-mənalı qımışaraq atının sürətini bir az da artırdı. O, Kərəmi özü tutmaq istəyirdi. Lakin atı yaralanan Kərəm özünü itirmədi. Yəhərdən cəld yerə atılmağı ilə onunla yanaşı çapan Balasöyünün atının tərkinə sıçramağı bir oldu. Yaralı kəhər bunu gözləyirmiş kimi ayağı yenə sərpdi və bu dəfə o, dizlərini büküb böyrü üstə uzandı. Kərəm geri baxanda gördü ki, pristav xeyli arxada qalıb… Yaralı atı isə ulğun kolunun yanında yerə yıxılmışdır.
Güllə açıldı, kəhər kişnədi. Atın yalmanına yatıb dabanları ilə onu daha da cuşa gətirən Balasöyün dönüb geri baxdı.
– Səni belə qəddar bilməzdim dayıoğlu, o səkil ata necə qıydın?
– Kərəm köksünü ötürdü:
– Namərdlər yaralı atın yalmanını, quyruğunu qırxarlar. Namussuz yaşamaqdansa, namuslu ölmək daha yaxşıdır.
Onlar meşə ilə xeyli yol gedib «Qala bozu»ndan aşağılarda Kürə endilər. Suları yara-yara o taya keçib Ceyrançölə qalxdılar.
Balasöyün təklif. elədi ki, buradan bir baş Biləndərlilərin yatağına getsinlər. Kərəm razı olmadı.
– Ora bir az uzaqdır, – dedi – gözdən tez iraq olmalıyıq. Yaxşısı budur, Qara Kazım oğlu Qəhrəmanın yanına gedək.
– Hə, nə olar, o da etibarlı, ehtiyatlı adamdı. Əlindəki tüfəngi dizləri üstünə qoyan Kərəm sözünə davam etdi:
– O, həm bizə bir az güllə verər, həm də bir-iki gün onun yanında qallıq. Sonra da allah kərimdir.
Balasöyün əlavə etdi:
– Gürcüstana gedərik, o tərəflərdə dost-tanış çoxdur.
– Faxralıda Güllər tayfasından Dəli Hüseyn adlı canlara dəyən mənim də bir çoban dostum var. – dedi Kərəm.
Sonra araya bir qədər sükut çökdü. Kərəm bu sükutda öz hərəkətinin aqibətini düşünür və düşündükcə də qarşısına cavabı çətin tapılan suallar çıxırdı. Balasöyün də beynində çaxnaşan dumanlı fikirlər əlində əsir-yesir qalmışdı.
– Belə çıxır ki, daha bu gündən biz ev eşik qohum-əqrəba üzünə həsrət qalacayıq?!
Kərəm ağır-ağır başını tərpətdi. Lakin o hələ bilmirdi ki, qarşıda onu. qaçaqlıq həyatının nə kimi çətinlikləri gözləyir?
…Bu gün atasının üçü idi. O isə bu mərasimdə iştirak edə bilmədiyi üçün özünə yer tapa bilmirdi.
– Ürəyim az qalır partlasın. Heç belə də iş olar? İndi bütün qohum-əqrəba qəbir üstə çıxıb. Biz isə əli-ayağı bağlı dustaq kimi burada qalmışıq. Bir dəli şeytan deyir, dur birbaş yollan qəbiristanlığa.
Dostu Qara Kazım oğlu Qəhrəman məsləhət gördü.
– Yox, divanla divanlıq eləmək olmaz… Səbr elə. Dədələr deyib ki, «Səbr salamatlıqdır».
Balasöyün sözə qüvvət verdi:
– Qəhrəman düz deyir, səbr elə, özünü ələ al. Qoy şər qarışsın, qaranlıq düşsün. Qəbir üstə biz də gedərik.
Kərəm əlacsız, acizanə bir halda başını buladı.
– Bu nə işdi biz düşdük…? Balasöyün dedi:
– Dayoğlu, özün yaxşı bilirsən ki, bu zamana bizə ögeydir. Gec-tez belə olmalıydı. Ya dustaqlıq, ya qaçaqlıq!
Kərəm hər şeyi ölçüb-biçmiş kimi xəyaldan ayıldı. Onda sanki birdən-birə bir dönüş əmələ gəldi.
– Madam ki, iş belə gətirdi, bu gündən mən də onlara .divan tutacam. Qoy indi qabağımda dursunlar! Bu qoca dünya yarış meydanıdır…
…Gündüzlər harasa çəkilən payız buludları axşam düşən kimi sanki qeybdən peyda olur və göy üzünü qalın tülə bürüyürdü. Bu gecə də qaranlıq idi. Ay yalnız hərdən buludların seyrək yerlərindən zəif şölə saçırdı. Ətrafdakı başdaşları ayin zəif işığında elə bil qəbirlərdən qalxan ölülərin qaraltısı idi. İki-bir, üç-bir baş-başa verib bir-birilə nə haqdasa xısınlaşırdılar. Lakin Kərəmgilin gözləri qaranlığa alışmışdı. Qəbiristanlıqda hər şeyi aydınca seçirdilər.
Kərəm atasının qəbri üstündə diz çöküb için-için ağlayır və ürəyində: «Sən mənim allahım, dayağım idin, ata. Bizi bizdən heç bir qüvvə ayıra bilməzdi, əmbə bu zəmanə, bu zəmanənin İsrafil ağaları ayırdı. Mən onu belə namərd bilməzdim. Sənə onun gülləsi dəydi… Bağışla, qəbrin üstünə gündüz gələ bilmədim. Onlar məni də eldən-obadan didərgin eləyib qaçaq saldılar… Qəbrinə and içirəm, bir qanına min qan alacam!»
Birdən qəbiristanlığın hansı səmtindənsə bir şıqqıltı eşidildi. Bir əlində silah, bir əlində cilov qəbrin ayaq tərəfində kədərli halda dayanan Balasöyün səsə diqqət kəsildi. Bu nə idi, kim idi? Aşağı əyilib Kərəmi dümsüklədi. Və pıçıltı ilə dedi:
– Şıqqıltı eşidildi, deyəsən bizi izləyirlər? Xəyaldan ayılıb başını yuxarı qaldıran Kərəm də ətrafı dinşədi. Amma bir səs-səmir gəlmədi. Qəbiristanlığı yenə sakitlik bürüdü. Lakin aradan bir az keçmiş at xoflanmış kimi orxandı. Qulaqlarını şəkləyərək içini arıtlayırmış kimi qırıq-qırıq səs çıxartdı. Nəsə hiss eləmişdi, narahat idi. Elə bu vaxt təpənin günbatan tərəfində bir qaraltı göründü. Balasöyün eyməndi. Get-gedə yaxınlaşan həmin qaraltı başdaşları arasında gah görünür, gah da yoxa çıxırdı. «Bismillah!» Bu nə idi? Yoxsa nağıllarda eşitdiyi ərdov, cin-şəyatin həqiqət imiş? Bəlkə gözləri alacalanırdı?
Onlar tez babaları Molla Zalın qəbri arxasında gizləndilər. Tüfənglər qaraltı gələn səmtə tuşlandı. Qaraltı yaxınlaşdıqca böyüyür və get-gedə aydın seçilməyə başlayırdı. Lakin Kərəm gözlərinə inanmadı. Balasöyünün atı yekə qırıq-qırıq kişnədi: Kərəmin qəlbini sevinc qarışıq bir kədər çulğadı. Tüfəngi gözündən kənar eləyib yanında uzanaraq irəlini nişan alan Balasöyünə baxdı. Qəbrə yaxınlaşan iri qaraltı İsgəndərin atı idi. Kişinin bütün yar-yarağı da üstündə idi. Hənirti hiss eləyə at ürkək-ürkək gəlib qəbrin yanında dayandı. Qəbri imsilədi. Sonra da üzünü, boynunu başdaşına sürtdü. Kərəm yenə qəhər boğdu. Atı çağırdı. Köhlən diksinib qulaqlarını şəklədi. Lakin o, ayaq üstə qalxıb ona sarı gedən Kərəmi iyindən, səsindən tanıdı. Astadan kişnəyərək mehribanlıq göstərdi. Kərəmə elə bil qol-qanad verdilər Bəli, «Atın var, qanadın var» – deyib dünyagörmüş kişilər.
Kərəm atasının dəstəsi sədəfli, ilandilli xəncərin yəhərdən açıb belinə bağladı, qoltuqaltısını çiyninə keçirdi. Aynalı tüfəngini əlinə alıb atın belinə qalxdı.
* * *
Səhərdən başlayan quzey küləyinin qovduğu yelinli buludlar göyün üzünü qara pərdə kimi örtmüşdü. Hava saz idi. Günortadan sonra qar yağmağa başladı. Get-gedə kəndin arasından əl-ayaq yığışır, yollar-izlər kimini kəndə, kimini həndə aparırdı…
«Boz»un qoşa gədiyindən başlayıb ta Kürə kimi uzanan, tək araba keçəsi yol kəndi iki yerə, – yuxarı və Aşağı Kəsəmənə bölmüşdü.
İsrafil ağanın evi yuxarı Kəsəməndə idi. «Boz»un belində usta Cəlilin tikdiyi bu təzə mülk kənddəki evlərin hamısını kölgələmişdi. Altı otaqdan ibarət qırmızı kərpicdən və çay daşlarından tikilmiş, əndəruni-biruni eyvanlı bu binanın içi yanmış «qarğa duzu»ndan hazırlanmış gəclə suvanmışdı.
İsrafil ağa bu evin qum-əhəngini qoyun südü ilə yoğurtdurmuşdu. Bunun üçün sürülər dağa getməzdən bir neçə gün əvvəl kəndə gətirilmiş və sağılan süd qum-əhəng çalalarına tökülmüşdü. Evin qapı dəstəklərinin hamısı tökmə bürüncdən idi. Otaqlarda holland sobaları yanırdı.
Ağa mülkün qənşərindən aşağı enən yolla kəndə sarı addımlayırdı… Çayçı Orucun evinin yanından dönüb orta yola çıxdı. Fikirli görünürdü. Yadına yenə Mollazallarla onların arasında olan dava düşmüşdü. Kişi bu davadan doğan düşmənçiliyin kökünü aramaq istədi. Lakin aradakı ədavəti doğuran səbəblər palıd ağacının kökləri kimi dərin və dolaşıq idi. Bu dolaşıqdan baş çıxarmağa ağanın hövsələsi çatmadı, günahı, yenə o tərəfdə – Kərəmgildə gördü. Amma Kərəmdən ehtiyat eləyirdi: «Mən onun atasını öldürmüşəmsə, onlar da mənim əmilərimi öldürüblər. Atam sağ olsa, bəlkə onu da öldürərdilər. Deməli biz əvəz-əvəz olmuşuq. Amma o yenə əl çəkmir, soyumur, Məni öldürmək istəyir… Yox, mənə bata bilməyəcəksən, Kərəm!.. Sənin düşmənlərin get-gedə artır, gündə bir qan tökürsən… Mən səndən əl çəksəm də divan əl çəkməyəcək!»
Atası Oruc ağanın sağlığında kənd cavanları ilə bir yerdə at çapan, ova gedən, Kür yaran İsrafil indi tamam başqalaşmışdı, Qardaşlarından cavan olsa da Orucağalı tayfasına özü başçılıq eləyirdi. Hər-hansı bir məsələdə cavan ağa yalnız öz ağlı ilə durub otururdu…
Günləri Qazaxda, Gəncədə, Tiflisdə keçən İsrafil ağa kəndin içində belə pay-piyada, özü də tək-tənha az-az görünürdü. Qarşısından gələn adamların bəzisi onunla əl tutub görüşür, bəzisi zəhmindən qorxa-qorxa baş əyib keçir, kimi də özünü itirib yoldan çıxırdı. Ağır şərtlə sələm pul götürmüş borclular isə onun gözünə görünməmək üçün hələ uzaqdan yolunu dəyişirdi. O, bunların hamısını görüb hiss elədikcə ağalıq qüruru daha da artırdı. Rüşvətxor divana arxalanan ağa özünü bu kəndin allahı sayırdı. Onun qara dediyinə ağ deyən olmazdı. Kəndliləri yerli-yersiz döyüb söysə də heç kim qorxusundan onun başının üstündən yuxarılara şikayət edə bilmirdİ. Qəzada, quberniyada nüfuzu böyük idi. Kənd arasında belə məsəl yaranmışdı: «Göydə allahın, yerdə İsrafil ağanın qəzəbinə gəlməyəsən!». Onun sələmə verdiyi borcları yazdığı qara dəftərçəsi vardı. Bu dəftərdə kimlərin adı yox idi!?..
Üç gündən sonra İsrafil ağanın Söyünbəyli kəndində yaşayan qayınatası – Abbasqulu ağanın qardaşı oğlu Hüseyn ağanın toyu olacaqdı. Ona görə ağa indi yol gedə-gedə baş sındırırdı ki, görəsən toya layiqli nə hədiyyə aparsın, axır ki, fikirləşib tapdı: «Xallı üryəni bəyzadəyə bağışlayacam». – O, qırım papağını sol gözünün üstünə qaldırdı. Sonra dodaqları pıçıldadı: «Sabah Tiflisə gedim, bir yaxşıca hamamlanım…»
Mollazallar məhəlləsindən keçib kəndin mərkəzinə tərəf irəlilədi. Havanın get-gedə bulandığını görən İsrafil ağa ürəyində dedi: «Qar səhərə kimi belə yağsa yataqdakı qoyunlar acından qırılacaq… Evə qayıdanda gərək nökərlərə tapşıram ki, tez o taya beş-altı araba ot aparsınlar».
…Qavrı çayı ilə Kürün arasında yerləşən, bir yanı Sığnax, bir yanı Samux olan bu geniş ərazidə kəsəmənlilərin çoxlu yataqları vardı. Yarıköçəri həyat sürən Kəsəmən camaatı əsasən heyvandarlıqla məşğul olduğundan bu yataqlarda yüzlərlə qoyun-quzu sürüsü və mal-qara saxlayırdı…
El yaylağa köçənə kimi Ceyrançöl şenlik olurdu. Sanki burada qol-qola verib halay vuran dağlar da, dövrəyə aldıqları geniş düzlər də öz boz, kasıb libasını dəyişib qarağandan, pürəndən, irəmədə bitən duzlu ot-gəngizdən, sirkəndən, yovşandan, tuvulğudan güllü, bəzən boz, bəzən ağımtıl, bəzən də yaşıla çalan don geyinirdi… Torpaq şoranlıq olduğundan bu otların, bitkilərin hamısı quşlar kimi dimdiyindən su içir, nəm hava və yağış hesabına cücərirdi. Günəşi ayna kimi əks etdirən duzlaqlar, döşlərdə sədəf kimi sayrışırdı. Yataq-yataq çöllərə səpələnmiş qoyun-quzu sürüləri, naxırlar, ilxılar örüşlərin rəngarəng naxışı-yaraşığı idi. Çoban tütəyinin səsi həzin-həzin ətrafa yayılırdı. Qayalarda, qolpunlarda qaqqıldayan ayaqları xınalı kəkliklər isə bu yerlərin öz nəğməkarı kimi ötürdü. Burada, «allahdan buyruq, ağzıma quyruq» – deyə mürgü vuran boğazıyoluq keçəl anqutlara da, dağlara-dərələrə səpələnmiş ilan-çayana, tülkü-canavara, dovşana və göylərdə dövr edən çalağana da rast gəlmək olurdu.
Düzənlərdə at çapan kim, atla ceyran, qızıl quşla kəklik ovlayan kim… Bir də görürdün Ağ göldən teyləniş ceyran sürüsü qolpunları süzə-süzə üz tutubdu şehli düzə…
Dik qaşdan o tərəfə olan «Ağ düz» yataqlarının sürüləri Qavrı çayına, Dik qaşdan bu yana olan yataqların heyvanları isə Kürə suya gəlirdi. Çobanlar kənddəki təzə xəbərləri buradan Ceyrançölə aparır, qışlaqdakı yenilikləri isə kəndə çatdırırdılar. Hərdən Sarı qaşdan karvan enib Qavrının birinci qapısından bəri çıxanda uşaqların bayramı olurdu. Onların hay-küyündən çöllərə ün düşürdü. Balaca «kişilər» karvanın qabağına çıxıb qozdan, fındıqdan, kişmişdən, xurmadan, alma-armud qaxından «torpaqbasdı» alırdılar. Bu da bir adət idi. Bunu uzaq-uzaq ellərdən gəlib Ceyrançöldən keçən karvançılar da yaxşı bilirdi. Odur ki, hər dəfə «yolkəsənlər» bir ətək pay alırdılar…
..İndi isə qışın oğlan çağı idi. Böyük çillə yenicə girmişdi. Hər tərəf ağ yorğana bürünməkdə idi. Qar-boran təbiətə hakim kəsilirdi. Yol-iz, hətta bələnlər də, dərin qolpunların qorxunc uçurumları da get-gedə görünməz olurdu. Yolda-izdə, çəhlimlərdə bir ins-cins görünmürdü. Elə bil qarla bərabər göydən bu yerlərə sükut da ələnirdi. Ağ yelin vıyıltısından savayı səs eşidilmirdi.
Bu vaxt onun yadına bir əhvalat düşdü… Bir yaz aran çox isti olduğundan İsrafil ağa sürülərini vaxtından bir az tez yaylağa qaldırtdırdı. Sürülər dağa çatan kimi bərk qar yağdı. Çobanlar əl-ayaq edənə qədər bir sürü qoyun qırıldı. Sürünün çobanları kor-peşman arana qayıdıb əhvalatı ağaya söylədilər. Ağa bunu şəxsiyyətinə sığışdıra bilməyib dedi:
– İsrafil ağanın sürüsü salamatdı. Alın bu pulu gedin Gürcüstandan bir sürü qoyun alıb yaylağa qayıdın…
Çobanlar tapşırığa əməl edib dağa qalxdılar.
Bu vüqarı saxlamaq baha başa gəldiyindən İsrafil ağa buna təkrar yol vermək istəmirdi.
Çala-çuxur yolun hər iki tərəfindəki həyətlərə qaratikandan çəpər çəkilmişdi… Fikri yenə uzaqlarda olan ağanın indi bu yolla hara və nə üçün getdiyini özündən başqa heç kəs bilmirdi. O bir qədər də irəliləyəndən sonra sağ tərəfdə çəpərin o üzündəki evin həyətində sallaqbığ, arıq, quru, beli bükük bir kişinin kalça buruntaqladığını gördü. Qocanın başında saçaqları gözünə düşən çal papaq, əynində uzun boz çuxa, belində dizinə qədər uzanan xəncər vardı. Bu, Kərəmin əmisi Cəlal kişi idi. İsrafil ağa gözlərini ondan çəkib düşündü: «Oh, oh, oh! Quru yerə qurd salan qoca kaftar! Suyu başdan bulandıranlardan biri də sən oldun!».
Ağa yoluna davam elədi… Birdən onun qarşısına çiynində səhəng Kürdən su gətirən bir gəlin çıxdı. Ağanın fikri dağıldı, gözləri işardı. Kəklik yerişli qadın elə gözəl, elə qəddi-qamətli idi ki, ağanın şair qəlbini riqqətə gətirdi, kişi heyran-heyran ona baxmaya bilmədi. «Səd bərəkallah»! Baxışları ilə sanki onu ovlamaq istədi, amma oxu daşa dəydi. Ağanı görən kimi yamşanan kəmənd zülflü gəlin başını aşağı dikib onun yanından teylənmiş ceyran kimi keçdi. «Bu huri-mələk kimin qızı idi, hansı bəxtəvərin övrəti idi? Mən onu niyə tanımadım?» – ağa xəyal etdi. O, üç-dörd addım getməmiş dayandı, sağ əli ilə bığını eşib sol çiyni üstündən xəlvəti geri boylandı. O şux mələk artıq yox idi. Yaxınlıqdakı doqqazlardan hansındansa içəri keçmişdi. Amma «o huri-mələyin» əvəzində ağanın arxa tərəfində hardansa iki kişi peyda olmuşdu. Onlardan biri silahlı idi… Ağa yenə yoluna davam etdi Amma nədənsə arxadan gələn adamlardan şübhələndi. Gümanını yoxlamaq üçün addımlarını yavaşıtdı. Onlar da sanki ağanın fikrini anlayıb böyürlərindəki dəllək dükanının qabağında ayaq saxladılar. Silahlı adam özünü tanıtmaq istəmirmiş kimi üzünü yoldaşına tərəf çevirib nəsə dedi. Aradakı məsafə bir qədər uzaq idi. həm də günortadan azca keçmiş olduğuna baxmayaraq, hava tutqunlaşmışdı. Göyün üzü donmuş gölə bənzəyirdi. İsrafil ağa onları tanımadı. Amma ürəyinə damdı ki, onu izləyirlər… İsrafil ağa qorxaq deyildi. Amma nədənsə o adamlardan sümüyü sancdı. Lakin yolundan qalmadı. Gəncədə Ləzgi Murada təzə tikdirdiyi boynu və yaxası naxışlı Xorasan kürkünün cibindəki tapançanı sağ əli dəstələdi. Hacı Cahangirin dükanına çatar-çatmaz dayandı. Dükanın qapısı açıq idi. Ağa bir də geri boylandı. Onu təqib edənlər yaxınlaşırdı. «Bəlkə elə yol adamlarıdı, öz işlərinin dalınca gedirlər?» – İsrafil ağa düşündü: – Günün bu günorta çağı mən niyə xoflanıram?!» Ağa özünü dükana verdi. İçəridə bir neçə adam vardı. Məsmalı oğlu Allahqulu, Gülməmməd oğlu Qəhrəman və Məşədi Kazım da burada idi. İsrafil ağa onlara salam verdi. Səsindən hiss olundu ki, ağa nədənsə narahatdı. Kişilər onun salamını alıb eyni zamanda məəttəl qaldılar ki, ağa hara, tək-tənha bu dükana gəlməyi hara?
Məşədi Kazım soruşdu:
– Qardaş oğlu, xeyir ola?
Gözləri açıq qapıdan yola dikilən İsrafil ağa cavab verənə kimi hacı Cahangir dilləndi:
– Ağa, xoş gəlmisən, əmbə bu nə zəhmətdi, əyər bir şey lazımıydısa nökərlərdən birini göndərəydin, – dükançı əl-ayağa düşdü.
İsrafil ağa hacı Cahangiri qoyub Məşədi Kazıma cavab verdi:
– Qazı hacı Səmədin yanına gedirəm… İşim var. Sizi görüb yanınıza buruldum.
Bir neçə dəqiqədən sonra yolla gələnlər söhbət eləyə-eləyə dükanın qabağından keçəndə İsrafil ağa onları tanıdı. Bığıburma cavanlardan biri Kərəmin əmisi oğlu Tağı idi, biri də onun dostu Söyün oğlu Nəbi… «Bunlara fürsət vermək olar? Bir balaca dırnaqlanan kimi silaha qurşanırlar» – deyə İsrafil ağa düşündü. Və onları çağırdı:
– Ayə, ay uşaqlar!
Tağı ilə Nəbi ayaq saxladı.
– Bura gəlin! – İsrafil ağa hökmlə dilləndi. İçəridəki adamlar da bu işə maraq göstərdilər. Tağı ilə Nəbi dükana girdilər. İsrafil ağa Tağının gözünün içinə baxaraq soruşdu:
– Bu silah nədi, kəndin içində hərləyirsiniz? Tağı dedi:
– Ağa, ova gedirik!
İsrafil ağanın odlu baxışlarından qığılcım ələndi.
– Belə havada nə ovbazlıqdı?! Göz gözü seçmir… Tağı istədi ki, desin «Ağa, biz belə havada da ov elərik», amma dillənmədi. Bu vaxt cavanların qəsdini başa düşən Gülməmməd oğlu Qəhrəman onların sözünə haqq qazandırmaq və İsrafil ağanın hücumunun qabağını almaq üçün dedi:
– Həə, derlər ki, «Qala bozu»nun alt tərəfinə çoxlu ördək-qaz tökülüb.
İsrafil ağanın tərs baxışları Qəhrəmanı çaldı. Tağıya tərəf dönüb:
– Görüm o tüfəngi! – dedi.
Tağı könülsüz halda tüfəngi çiynindən çıxardıb İsrafil ağaya uzatdı.
– Bəs ördəyi-qazı nəynən vuracasız, patrondaşınız hanı?
Nəbi başını aşağı dikdi, Tağı da dillənmədi. İsrafil ağa silahı alıb çaxmağını geri çəkdi. Güllə tüfəngin xəznəsindən sıçrayıb yerə düşdü… İsrafil ağanın gümanı doğru çıxmışdı. Özündən razı qaldı. «Çubuğu vaxtında əyməsən, böyüyəndə əyilməz». Belə düşündü və israr etdi:
– Gülləni lüləyə ov yerində keçirərlər. Kəndin içində birdən açılıb uşaq-böyüyə dəyər?.. Qandınızmı?!
Tağı hirsindən udqundu. Nəbi dümağ ağarmışdı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68386207) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.