Mən bir susmaz duyğuyam ki…

Mən bir susmaz duyğuyam ki…
Cəfər Cabbarlı
Kitabda Azərbaycan dramaturqu, şairi və nasiri, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi Cəfər Cabbarlının lirik və satirik şeirləri, hekayə və dram əsərləri, həmçinin ədəbi-tənqidi məqalələri yer almışdır.

Cəfər Cabbarlı
Mən bir susmaz duyğuyam ki…

ŞEİRLƏRİ

ANA
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər,
Min il vəz edələr dəhşəti-qiyamətdən.
Pələnglər tuta dövrüm, çəkinmərəm haşa,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə
Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim,
Əyilmərəm nə ki yer, versələr səmanı genə.
Yanımda gər dura cəllad əlində şəmşiri,
Ölüm gücilə mənə hökm edə olum təslim,
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Cücilə xalqa həqiranə eyləyim təzim?
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılım xaki-payinə hər gün,
Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?
Ana! Ana!.. O adın qarşısında bir qultək
Həmişə səcdədə olmaq mənə fəxarətdir;
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Genə xəyal edərəm bəzmi-istirahətdir.
Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Dayanma, taqi-səmavi gurulda, çatla, dağıl!
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!
Mənə əsər eylərmi bu? Mütləqa yox! Yox! – Yox!!!
Fəqət Ana! O müqəddəs adın qabağında,
O pak bağrına bassın məni, desin layla,
Təbəssüm oynadaraq titrəyən dodağında.
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara hər aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
– Ana… Ana… Sənə mən rahibəm itaətdə!..
Aman… Aman!.. Bu müqəddəs vücudu mümkünmü
Ki, bir taqım canavar zülmnən şikar eləsin?!
Yıxıb da xaki-rəzalətdə, tapdayıb əzərək,
Ayaqlar altına topraq kibi nisar eləsin?!
Zəlilü-xar edərək məhbəsi-əsarətdə,
O şanlı qollarına zülminən vurar zəncir.
Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs?
Neçin də parlayıb etməz cahanı bir tənvir?
Aləmi, ədl-ədalət üzüldü dünyadən,
Neçin nəsibim edibsən bu zülm-dövranı.
Ey asiman dağıl, ey zöhrələr axın, tökülün
Ki, aləmi-bəşəriyyət unutdu vicdanı.

NOVRUZ BAYRAMINA HAZIRLAŞAN MÜSƏLMANLARA TÖHFƏ!
Pər vur, ey mürği-dili-zarim, bu möhnətxanədən,
Uçgilən balalərə, seyr et mədari-aləmi!
Aləmi-islamə bax! Bir yanda işrət bərqərar,
Bir tərəf fəryadə guş et, gör qurulmuş matəmi.
Bax, könül, baladən ol buz bağlayan səhralara,
Bax o çılpaq, ac yetimin naləvü fəryadinə.
Gör acından rəngi solmuş qızları xarü zəlil.
Varmı gör bir kimsə yetsin onların imdadinə?
Bir tərəf millət zəvalə üz tutub biixtiyar,
Bir tərəfdə xanimanlar tar-mar olmaqdadır.
Bir tərəfdə əğniyamız eyd üçün hazırlanır,
Musiqi avazəsindən nəşədar olmaqdadır.
Ey içən bəxti-səadət şərbəti, sirab olan,
Qarlar içrə ac qalıb can tərk edir ixvanınız!
Ey vuran fəryad içində tarə mizrabi-səfa!
Matəm içrə eyş olur?.. Yoxdurmu heç vicdanınız?!
Hər tərəf mövci-həlakət üz tutub ixvaninə,
Bunların halından, aya, kim xəbərdar olmalı?
İngilislərmi, firənglərmi və ya islamilər?
Kim yanıb qardaş qəmində çox dilazan olmalı?
Xaneyi-millət xərab olmaqda, imdad istəyir.
Ey ucaldan təqi-ərşə fəxr ilə kaşanələr!
Nerdədir “əl mömininə ixvətin” ayatı bəs?
Ey özün islamə daxil eyləyən biganələr!
Ey özün mömin bilənlər, imtəhan meydanıdır,
Qəlbiniz amalını etsin sübut amalınız.
Leyk, millət, can verir, siz eyşü nuş aludəsi,
Şər qanuninə mütləq ziddir əfalınız,
Bu zəlalət ərsəsində cismi-millət bisipər,
Tiqi-cəlladi-əcəl rədi-səma tək rəşədar.
Zülm ilə pamal olur millət, siz eyd etməkdəsiz.
Hökmi-Quran böylədirmi, söylə, ey biəğniya?
Ax, bu səslər kimləri imdadə səslər müttəsil?
Ax, bu əllər hansı bir qövmin dilər ehsanini?!
Kimlərə bu yaşla dolmuş gözlər olmuş intizar?
Ax, bu solğun xəstə kimdən gözləyir dərmanini?!
Bax, bu yanda gör tərənnümsüz olur sazəndələr,
Ax, nə xoş rəqs eyləyib əl oynadır rəqqasələr!
Gör nə zəninlə tamaşa eyləyir bu çeşmlər,
Ax, nə xoş kəskin şəfəq saçmaqdadır əlmasələr!
Ac yetimlər naləsi əflakə əksəndaz olur;
Əğniyalər süfrə qurmuş, eyd edir püriftixar.
Böylə bir millət yaşarmı? Bu nə cür bir sirdir?
Bəzi işrət, bəzisi ac, giryələr eylər nisar.
Ağla, ağla, ey yetim, imdadə səslə milləti!
Çal, çal, ey sazəndə, tarın başqa bir xülyası var!
Ax, ax, ey göz yaşları, səpil bəla tək mövcə gəl!
Tök, tök, ey saqi, şərabın dadlı bir sevdası var!
Lal ola, ya rəb, o dil imdadə gəldim söyləməz,
Kar ola ol naləyə guş etməyən cəlladlər!
Kor ola, ol kor olan gözlər ki, görməz zilləti,
Məhv ola ixvaninə rəhm etməyən şəddadələr!
Ar ola ol şəxsə kim, fəryad eşitməz, inləməz!
Ar ola ol şəxs əsla rəhmi yox, ehsanı yox!
Ar ola ol millətə kim, matəm içrə eyş edər!
Ar ola ol millət əfradinə kim, vicdanı yox!

BU HƏQİQƏTDİR Kİ…
Bu həqiqətdir ki, bir səslə edib aləm qəbul:
Sarsıdar əflaki birlik, ittifaqın qüvvəti.
İttihad ərbabinə aləm müti olmuş müdam,
Müttəhim bir millətin daim ucalmış şöhrəti.
Partlasın toplar, şrapnellər, tüfənglər, bombalar,
İttihadın qüvveyi-əzmi hər asan eyləməz.
Partlasın odlar, alovlar, ildırımlar, şölələr,
İttihadın odu qəlbi zərrə suzan eyləməz.
Qələlər, bürclər, dəmirlər və möhkəm istehkamlar,
Puç olar gər İttihadın tiği etsə ictihad.
Arkadaşlar, varlığın millət istərsə saxlasın,
Əlbəəl versin də, etsin ittihadi-ittihad.

HÜSEYN ƏRƏBLİNSKİYƏ

(Hüseyn Ərəblinskinin təşhi-cənazəsinə oxunan növhə)
Möhtərəm, ey sevgili yoldaşımız mərhum Hüseyn!
Çox çəkib cövrü-cəfa qardaşımız məzlum Hüseyn!
Zillət içrə etdim abad səhneyi-millimizi,
Xabi-qəflətdən oyatdın milləti-küllimizi.
Ac-susuz atdın özün bu kəşməkeş meydanına,
Millətin bir cam yetirdin səhneyi-ürfanına.
Səhneyi-milli səninlə bir təcəlla bulmada,
Sən vəli bir xaki-zülmətə şitaban olmada.
Çəkdiyin cövri-cəfanın intəhasın bilmədin,
Həsrətin qəlbində, bir cəllada can tərk eylədin.
Cismini millət qəmi çoxdandu milliləndirdi, ya
Qoymadı rahət səni, zatında cuş etmişdi ya!
Cəhd qıldın, tək çalışdın, səhnə abad eylədin,
Leyk, bir cəllad əlində qəlbin bərbad eylədin.
Xalq unutmaz xadimin, ey millətin dilarəsi,
Millətin ruhunda yer açmış şu qurşun yarəsi…

SEVDİYİM

(Azərbaycanın bayrağına)
Altun köksün hilal-yıldız, işıqları öpüncə,
Zirvəsindən Şah dağının gündoğuşu dinilür.
Rəhm Allahi gözəlliklər tanrısı tək pək incə,
Bir siyaqla könüllərə hey salamlar söylüyür.
O yerlərdə qardaşları, dostları var, pək sevir,
Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim.
Canalıcı bir görkəmlə dağ başında durunca,
Oxşadıqca bahar yeli açıq-dağnıq tellərin.
Nazlı əlin umuzunda saçlarına vurduqca,
Bir-bir oxşayırsan bütün Turan ellərin.
Altaylardan, Altun dağdan doğma sellər bəkləyor
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.
Rəmuz ilə dörd bir yanə işıq saçmaq istiyor,
Ara-sıra tərpəniyor, bu kəsik uçmaq istiyor,
Qollarilə türk ellərin bütün qucmaq istiyor,
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.

AZƏRBAYCAN BAYRAĞINA
Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərimə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!
Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?
Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrığımız ucaları pək seviyor,
Yulduzlardan hilaldan da yüksəklərdə fırlanıyor.
Kölgəsində ay əyilib bir gözəli qucmada.
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yulduz da səkkiz hərli OD YURDU
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur.
Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
Yurdumuzu qucmuşdur!
Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!
Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın.

SALAM

Məhəmmədzadə Mirzəbala qardaşıma töhfə
Amal quşu Şərqə doğru uçarkən,
Gündoğuşda murad suyu içərkən,
Səbah yeli Altun dağdan keçərkən,
Turan ellərinə salam söyləyin.
Bir gözəl görsəniz göylər elindən,
Öpün dalğalanan ipək telindən,
Od yurdunun yavruları dilindən,
Turan ellərinə salam söyləyin.
Baykalda görsəniz ördək izləri,
Unutmayın tapşırdığım sözləri.
And verirəm, durnalarım, sizləri,
Turan ellərinə salam söyləyin.
İntizar gözlərdən Xəzər doğuldu,
Həsrət ürəyimiz yanar dağ oldu.
Dillərimiz Turan deyə yoruldu
Turan ellərinə salam söyləyin.
Yıldızlı bir göy tac üstə ay parə,
Bir al yaylıq verim yetirin yarə,
Durnalar, durnalar, bizdən dübarə
Turan ellərinə salam söyləyin.

DÜN O GÖZLƏRDƏ
Dün o gözlərdə inliyən sevgi,
O baxışlarda titrəyən xülya,
Gülüşündən uçan səmimiyyət
Varlığından gülümsəyən sevda
Ruhi sar-sar əsirin eylərdi.
Utanıb dün çiçək kibi qızaran,
Şu yanaqlar bəharə bənzərdi.
Gül dodaqlar əsər, susar, utanar,
Gözlərin bildirirdi hər dərdi.
Həm də pək şairanə söylərdi
Tellərindən öpüncə aydınlıq.
Ləblərindən gülümsüyürdü həyat
O zaman bən sənin əsirin idim,
Çünki məsum idin, fəqət heyhat!
Şimdi hər şey havaya savruldu,
Böyüdün, bir qədər də oldun şən.
Dillə “sevdim” diyorsan imdi, fəqət,
Dinməmiş gözlərindən anladığım…
Eşq yox, zövq yox, yetər! Get, Get!..
Nerdədir gördüyüm səmimiyyət,
Niyə yavrum riyayə çevrildi?!

ÖLKƏM
Şiş ucları buludlarla döyüşən
Dağlarında buzları var ölkəmin.
Göy otlardan ipək paltar geyinən
Tarlaları, düzləri var ölkəmin.
Verimli torpağı, geniş çölləri,
Çalışqan ərləri, igid elləri,
Böyük gəmiləri, dəmir yolları,
Keçidləri, rizləri var ölkəmin.
Göllərində ördəkləri üzərlər,
Göllərində maralları gəzərlər,
Güllərindən gəlinlər tac bəzərlər,
Ceyran gözlü qızları var ölkəmin.
Quzğun dəniz oynar ayaqlarında,
İşıq saçar nefti torpaqlarında.
Tarixlərin altun yarpaqlarında
Dadlı-dadlı sözləri var ölkəmin.
Yanar dağlarında yalov coşarmış,
Ona tapınmaya ellər qoşarmış,
Bir çağ varmış, ölkəm azad yaşarmış,
Bu yollarda izləri var ölkəmin.
İpəgindən qızlar çadra geyərlər,
Ölkələrin azad görmək dilərlər,
Bu yerləri bütün ellər sevərlər,
Yalnız bizdə gözləri var ölkəmin.

GÖZLƏRİ
Ala gözlü ceyranları andırıyor düzləri,
Toplamışdır gözəlliyi ən sevimli qızları –
Görkəmilə andırıyor düşündüyü sözləri
Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.
Sərt baxırkən ən alovlu duyğuları dondurur,
Donuqluğu donub qalan ürəkləri yandırır.
Gah bir toytək oynaq olur, gah bir matəm andırır
Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.
Bir baxışla azdırıyor, bir baxışla bildirir,
Bir baxışla ağladıyor, bir baxışla güldürür;
Gülümsərkən can veriyor, süzülərkən öldürür
Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.
İtirdiyin unutdurur, gördüyündən küsdürür,
Ən sarsılmaz ürəkləri yarpaq kimi əsdirir,
Tutqun gecə, aydın günmü, görən necə kəsdirir
Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.
Mən istərdim şairləri, şeir ilahi qucurkən,
İki gözə səcdə edib oynaq dillər açırkən,
Görəydilər incə, xəfif təbəssümlər saçırkən,
Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.

MƏNİM TANRIM
Mən bir zaman öz-özümdən uzaxdım,
Dün bir işıq buldum, ruhuma taxdım.
Bütün əski tanrıları buraxdım,
İndi artıq bir tanrım var – gözəllik!
Bütün əski tanrılara darıldım,
Həp məcazı sevgilərdən yoruldum.
Bir həqiqət buldum, ona vuruldum,
Dünyada bir şüarım var – gözəllik!
Oxşa məni, yeni tanrım, sevindir!
Artıq fikrim, ruhum, duyğum sənindir!
Çıx könlümdən, əski dünya, sonundur,
Çünki yeni bir yarım var – gözəllik!

MƏHKUM ŞƏRQƏ
Ey Şərq, sənin üstündə cahan çarpışıyorkən,
Aləm səni bölməklə səadət bölüşüyorkən,
Övladın əsarətdə, yazıq, can çəkişiyorkən,
Hala da sükut etmədəsən, ey evi bərbad!
Kimdən, əcəba, ummadasan dərdinə imdad?
Rahib kimi qovğayi-həyata həvəsin yox;
Tərpənmədəsən kölgə tək, amma nəfəsin yox;
Məhbəsdəsən, ancaq ki, dəmirdən qəfəsin yox;
Zəncirini qırmaz nə tərəhhüm, nə də fəryad;
Əsr indi dəmir dövrü, barıt dövrüdür, heyhat!
Dünyanı əsir eylər ikən bir ovuc altun;
Hər millət öz azadəliyin qurşuna mədyun[1 - Minnətdar, borclu.]
Əsrin sözü top, haqq sözü top, tanrısı qurşun;
Acizliyə qalsan, edən olmaz səni azad,
Hər gün sənə sahib olacaq bir yeni cəllad.
Döndər günəşin atəşə, saç Qərbə, Şimalə!
Topla nə gücün varsa, giriş qəti cidalə!
Ya haqqını al, ya əbədi öl, laməhalə
Qoy gülləri ya qan sulasın, yaxud ədalət,
Qoy ya bəşəriyyət yaşasın, yaxud əsarət!

EY DAN ULDUZU
Qaranlıq gecədə səni gözləyib,
Durmaqdan yoruldum, ey dan ulduzu!
Uzaq üfüqlərə göz gəzdirməkdən
Az qala kor oldum, ey dan ulduzu!
Öksüz taleyimtək gecikdin nədən?
Karvanqıran doğdu, görünmədin sən,
Oxşatdım, yanıldım, könül verdim mən
Bilmədən vuruldum, ey dan ulduzu!
Arxasınca qoşdum sonsuz bir yola,
Hər addımda tuş gəlincə bir kola,
Qaranlıqda çox baxındım sağ-sola,
Hər yana buruldum, ey dan ulduzu!
Büsbütün yorulub gücdən düşərkən,
Bir ulduz parladı uzaq üfüqdən.
Bu görünən səndin, artıq gəldin sən,
Axır səni buldum, ey dan ulduzu!

MƏN BİR SUSMAZ DUYĞUYAM Kİ…

(ŞƏRQİ)
Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərim,
Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərim.
Mən səninçin ömrüm boyu cəfalara dözərim,
Sənsiz güllər açılmasın, axar çaylar dayansın,
Oxu, bülbül, bəlkə yarım oyansın!..
Mən bir sönməz ulduzam ki, daim işıq saçarım,
Mən bir oynaq bülbüləm ki, güldən-gülə uçarım,
Mən bir saqlı aləməm ki, sevgilərdir açarım.
Sənsiz günəş görünməsin, qaralara boyansın,
Oxu, bülbül, bəlkə yarım oyansın!..
Mən səninçin şəfəqlərdən süslü bir tac yaparım,
Yol ver mənə, gül dərmişəm, sevdiyimçin aparım!
Arar, arar, arar, arar, axır səni taparım;
Sənsiz solsun göy yarpaqlar, axar sular bulansın,
Oxu, bülbül, bəlkə yarım oyansın!..

DÜŞKÜN DÜNYA!

(ŞƏRQİ)
Tarixlərdə öksüz kimi göründük.
İllər boyu qaralara büründük,
Yetər artıq ayaqlarda süründük,
Qalx, qalx, qalx düşkün dünya!
Tarix cəllad qan içməkdən yorulmaz,
Tərpənişsiz qara zəncir qırılmaz,
Yazıq, artıq bu dərdlərə durulmaz,
Qalx, qalx, qalx, düşkün dünya!
Qoy qırılsın artıq cəllad bıçağı,
Qoy uçulsun ölüm və qan ocağı,
Dünya olsun azad ana qucağı,
Qalx, qalx, qalx, düşkün dünya!
Hər bir qanun azadlığa bir yağı,
İnsan oğlu olmuş insan tapdağı,
Silkin, uçsun köləliyin torpağı,
Qalx, qalx, qalx, düşkün dünya!

YADA DÜŞDÜ
Gördüm üzünü, bağçada laləm yada düşdü;
Əmdim dodağın bal kimi, ağzım dada düşdü.
Bir lalə yetişmişdi bu viranə çəməndə,
Bad əsdi, xəzan vurdu da, laləm bada düşdü.
Bir qönçə yetirdim, bəzədim, nazını çəkdim;
Aldı fələk əldən onu, yarım yada düşdü.
Bağlandı könül bir gülə, səs tutdu mahalı;
Guya ki, bu dünyada qan oldu, qada düşdü.
Söz verdi, sözün tutmadı, and içdi, unutdu;
Bəlkə, deyirəm, yar usanıb innada düşdü?
Bəxt onda ki, paylandı, biri çatmadı payə,
Dünyada o bədbəxt də bizim bərbada düşdü.
Bir ovçu kimi göldə gözəl bir sona vurdum,
Çaldı qanadın göydə, gedib dəryada düşdü.

Satirik şeirləri
GƏLİR

“Abdulla Cövdət” həzrətlərinə bənzətmə
Zurnaçı toyda zurnasın çalsa,
Orda bir az da vodka da olsa,
Guşimə “Sonya”nın sədası gəlir.
Millətim xar olub əzildikcə,
Ac yetimlər nəvası gəldikcə,
Guşimə “Sonya”nın sədası gəlir.
Millətə qəm olursa rahnümun,
Hamısın birdən etsələr mədfun,
Guşimə “Sonya”nın sədası gəlir.
Asimanda “Çapellin” uçduqca,
Xalq qırğın salıb vuruşduqca,
Guşimə “Sonya”nın sədası gəlir.
Millətin başına kül olduqca,
Hamı qəri-məzarə dolduqca,
Guşimə “Sonya”nın sədası gəlir.
Bulvarı seyr edən adamlardan,
Ruhə ləzzət verən madamlardan
Guşimə “Sonya”nın sədası gəlir.
Zurnanın xunksar havasından,
Bakıda milyoner balasından
Guşimə “Sonya”nın sədası gəlir.
Millətin “aktyor” dəhanindən,
Şairindən, filan-filanindən
Guşimə “Sonya”nın sədası gəlir.

QİYAMƏTMİ QOPAR
Xalq oyandı, biz hələ yatsaq, qiyamətmi qopar?
Kef edib, meymun-zad oynatsaq, qiyamətmi qopar?
Pul bizim, bulvarda qız, yollar açıqdır getməyə;
Dağ duman, əlvan tuman, höcətmi var fikr etməyə?
Maryanı xoşhal edib zövqü səfaya yetməyə,
Fatmanı evlərdə ağlatsaq, qiyamətmi qopar?
Beşcə gün dünyada kefdən başqa bir şey qanmarıq,
Yüz min il çalsa qəzetçi zurnasın, aldanmarıq,
Pul qurtarsa, oğurluq vardır, məəttəl qalmarıq,
Evdə boşqab, nimçəni satsaq, qiyamətmi qopar?
Əcnəbi getdi qabaq, ay qəzetçi, mənlik nə var?
Qoy gedir, bir daş dalınca, bizlərə vardır nə ar?
Fikr edib kəşti[2 - Gəmi.] çıxardar, pul verib olluq suvar,
Pul verib başların aldatsaq, qiyamətmi qopar?
Harda biz aciz müsəlman görsək, ani bizlərik.
Qız nədir, arvad nədir, hər kəs danışsa, dizlərik;
Kani-hümmət, kani-qeyrət, kani-şəfqət bizlərik,
Arı namussuzluğa qatsaq, qiyamətmi qopar?
Leyk min alim əgər mənbərdə olsa bərqərar,
Söyləsən: cəhd eyləyin, əldən gedir namus, ar.
Əkşi, axmaqsan, nəsən? Biz Maryadan olluq kənar?
Qeyrəti, namusu lap atsaq qiyamətmi qopar?
Kim Tükəzbanla otursa, evdə bir gün görməyir,
İşvə bilməz, qəmzə bilməz, eyşü işrət bilməyir.
Maryanın nazilə gülmür, həm bizi güldürməyir,
Biz də kamə, ay Baba, çatsaq, qiyamətmi qopar?

BİLMƏSƏYDİ
Dövran edərdi dövrün, rəftar bilməsəydi,
Gündə günah edərdim, qəhhar bilməsəydi.
Hər nə desəydi Zina, mən səbr edib dözərdim,
Dünya adamlarından lap ülfəti üzərdim,
Zinanı sinəm üstə, vallah, qoyub gəzərdim,
Amma məni o zalım mındar bilməsəydi.
Hər nə desə, onunçün dərhal mən alardım,
Versə riza, yanında məskən salıb qalardım;
Lap küçədə gəzəndə qol boynuna salardım,
Lakin məni bu məxluq dindar bilməsəydi.
Pul qurtarınca dərhal mən oğurluq edərdim,
Gündə adam soyardım, xalqın ətin didərdim.
Çox işlərin dalınca mən xəlvəti gedərdim,
Amma Babada ”Şəbrəng Əyyar”[3 - “Babayi-Əmir” jurnalında felyetоnları nəşr оlunan C.Cabbarlının təxəllüslərindən biridir.] bilməsəydi.
Dini-zadı atardım, tək zinanı tutardım,
Ondan ötrü həyatı, namusu da atardım,
Vallah ki, pul qurtarsa, lap börkümü satardım,
Amma məni xəlayiq biar bilməsəydi.
Bilməm nə var bu xalqa daim edir məzəmmət,
İllah ki, bu qəzetçi bilmir həyavü hörmət,
Lap cini aldadardım, düşsə əlimə xəlvət.
Təzəpirin yanında cindar bilməsəydi.
Daim oruc yeyərdim bir gizli restoranda,
Xalqa tutun deyərdim, vardır oruc Quranda.
Lakin oruc yamandır, derdim urus soranda,
“Babi-Əmirdə” Əyyar – qəddar bilməsəydi.
Mümkün deyildir hərgiz bu arzular, ey dil,
Varkən Baba, bu işlər müşküldü, xeyli müşkül
Xalqı soyub, puliylə Həccə gedirdim hər il,
Əhli-behişt olardım, gər nar bilməsəydi.

BÖHTAN YAZILIBDIR
Bu söz, a Baba, bizlərə çoxdan yazılıbdır,
Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.
Bəsdir daha tənqid elədin xas ilə ami,
Çox yazma, danışma daha, tul etmə kəlamı,
Təngə gəlib istər axundu, istər əvamı,
Çün hər birinə bir yekə dastan yazılıbdır,
Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.
Bu barədə bədnam elədin molla Babanı,
Zalım kişi, təngə gətiribsən bu cahanı,
And içmiş əlindən dəxi bu xalq nəhanı.
Dur qaç, a Baba, qətlinə fərman yazılıbdır,
Qatilliyə bir sahibi-iman yazılıbdır.
Əkşi, nə işin molla olub maili-ehsan,
Hər gün sənə nə, dolma yeyir, yağlı fisincan.
Sən də, hünərin varsa, buyur ye, a gic insan!
Molla belədir, alnına ehsan yazılıbdır,
Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.
Qəyyum deyilsən ki, bizimçin çalışırsan,
Biz bir pis iş etdikdə nöyüt tək alışırsan.
Əkşi, sənə nə, sən niyə boş-boş danışırsan?!
Zalım, deyəsən, bizlərə sultan yazılıbdır,
Konsul yazılıb, bəy yazılıb, xan yazılıbdır.
Dərya ola çernil, yazasan min dənə peyman,
Ölsən də ki, molla yeyəcək hər gecə ehsan.
Əkşi, sənə nə? Molla yazıq ölsün acından?
Kim baxmaz ona vasili-niran yazılıbdır,
Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.

BULVAR HARA, MƏKTƏB HARA?

(Yay tətilindən sonra məktəbə getməyə məcbur olan uxajor mütəəllimlərin naləsi)
Getmərəm mən məktəbə, məktəbdə namım çıxsa da;
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Rədd olub getmişdi məktəb başımızdan birtəhər,
Seyr edib bulvarda qızlardan olurduq bəhrəvər,
Sentyabr gəldi, dur qaç məktəbə hər gün səhər,
O deyir, bu söyləyir, insan olub lap dəngəsər.
Getmərəm mən məktəbə, namım, nişanım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Hər nə var, bulvarda var, məktəb, deyin, aya, nədir?
Hər nə var, qızlarda var, sənət bizə biganədir.
Boşla dərsi, məktəbi, ondan gözəl meyxanədir;
Hər kəs elmə meyl etsə, doğrusu divanədir.
Getmərəm mən məktəbə, məktəbdə namım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Bulvarı qoy, dur yüyür hər gün bu viran məktəbə…
Bir baxın, bu sözlərin heç dəxli vardır mətləbə?
Bilmirəm hansı… bu məktəbi saldı dəbə?
İndi var on beş yaşım, qoy məktəbə getsin bəbə!
Getmərəm mən məktəbə, məktəbdə namım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Pul babamdan, şükr ola, qalmış mənimçin bir qədər;
Onları xərc eylərəm, lap azı on beş il gedər.
Vallah, bir Janka mənimçin əlli min dərsə dəyər;
Şoğərib məktəb edir insanın ömrün lap hədər.
Getmərəm mən məktəbə, məktəbdə namım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Məktəbə qoy getsin axmaqlar, bizə lazım deyil;
Bizlərə həm elmdir Janka, ədəbdir, həm də gül;
Söhbəti şirin, özü şirin, danış, hər dəm də gül;
Jankaya bir kəs sataşsa, ya döy onu, ya döyül.
Getmərəm mən məktəbə, məktəbdə namım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Dilbərim, fəxrim, sürurim, ixtiyarım Jankadır.
Məktəbim, dərsim, ülumim, gülzarım Jankadır.
Çernilim, ruçkam, yazım, hər dürlü karım Jankadır.
Müxtəsər, dinim, həyatım, iftixarım Jankadır.
Getmərəm mən məktəbə, məktəbdə namım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!

BİLİRƏM
Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,
Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.
Leyk yazdıqların əsla eləməz xalqa əsər,
Söyləyirsən, çığırırsan, bağırırsan da hədər,
Yenə millət, babası getdiyi yol ilə gedir.
Boyasan rəng ilə daşı yenə daşdır, nə ki zər.
Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,
Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.
Yazdığın daşları hərçənd kəbab etmədədir,
Köhnələr indi də bicliklə savad etmədədir,
Hamısı çəngü tərəb şürbə şitab etmədədir,
Qış gəlir, kürsü qurulmuş, hamı xab etmədədir.
Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,
Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.
O ki, bir çoxları dövlətlilərinin zadəsidir,
Hamısı ləhvü ləəb, bicliyin amadəsidir,
Atası – lal, babası – əldə olan badəsidir.
O qoduqlar hamısı qızların iftadəsidir.
Onların dərdinə bir Anna dəvadır bilirəm,
Millətə hər nə yazırsansa, rəvadır bilirəm.
Hər nə yazsan yeri var, yazma itilget sözünü,
İş məqamında görərsən hamı örtər gözünü.
Səkkiz il baş darayar, ya da ki, çırpar tozunu,
Boş yerə çırmalanıb, ortaya tullar özünü.
Sənəti büxlü həsəd, kibrü riyadır, bilirəm,
Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,
Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.

ARZU
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Məktəb deyəndə lərzə tutur cismi-zarımı,
Bulvar yanında eyləyir əskik güzarımı,
Hər gün bu məktəb artıq edir intizarımı.
Bundansa… kaş atam qazıyaydı məzarımı.
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Gündə gəlib müəllim edir vəzi-moizə,
Tülkü, inək, qoyun, keçir axırda ilbizə.
Yerdən qurtardı, qoyma ki, dırmaşdı ulduza.
Vallah, çərən-pərən, nəyə lazım bular bizə?
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Məktəb binasını yekə bulvar tikəydilər,
Bir dəstə modalı mənə paltar tikəydilər,
Bu qırmızı xəritəni şalvar tikəydilər.
Qızlar geyəydi leyk bir az, dar tikəydilər.
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Bulvarda vardır işvə ilə nazı qızların,
Məktəbdə tappa-tuppu gəlir kürsü, mizlərin,
Dəftər-kitaba bax, çıxa tainki gözlərin,
Cismin zəif olur, kəsilir tabı dizlərin.
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Əzbərləyir kitabı, buraxmaz birin dala,
Guya ki, oxşadır bizi zənbilli hambala,
Bir az dilin çaşarsa, yazar “iki” jurnala,
Şeytan deyir, bu uçteli dur yaxşı tapdala!
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!

DƏNG OLDUQ
Bəsdir, Baba, danışdın, fəryad sənin əlindən!
Bir gün olurmu millət azad sənin əlindən?
Hər yerdə bir iş olsa, ordan xəbər bilirsən;
Bir pis iş etsə bir kəs, pıqqıldayıb gülürsən.
Ta hər işin o şəxsin məxluqa bildirirsən.
Bir biclik etməyir xalq icad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?
Dəllək dükanın etdi bir kəs qumar yuvası;
Yaxşı mədaxil aldı, yüksəldi iştəhası;
Yazdın onu qəzetdə, dağıldı hər əsası,
Çox keçmədi ki, oldu bərbad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?
Biçarə Vamiq oldu avara öz elindən,
Məcnunu sən ayırdın Leyli kimi gülündən,
Hətta bu cür deyirlər, bir ravinin dilindən:
Başın daşa çalıbdır Fərhad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?
Hərgah sən olmasaydın hər kəs işin bilərdi;
Birsi adam soyardı, birsi cibə girərdi;
Firon hələ min il də Allahlıq eyləyərdi.
Gizləndi qəbr evində Şəddad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?
Qorxudan indi xalqın gizlənmək oldu şuğlu;
Ölsən, kəsər xəlayiq qurban beş-altı toğlu
Yıxdın evin bu xalqın, adə, a zalım oğlu!
Vallah, camaat olmur dilşad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?
Təngə gəlib xəlayiq, fəryad sənin əlindən!..

DEMƏDİM
İşimiz boş danışıq, həmdü sənadır, demədim?
Ay Baba, işlərimiz xeyli fənadır, demədim?
Millət əfradı unutdu hamı həsbü nəsəbi;
Elm təhsilinə sərf eylədi həm ruzu şəbi;
Mən bilən ki, ona lənət oxuyur cəddü əbi,
Baxmadı hərçi deyib dad elədi Molla Cəbi.
Rükni-dinin biri də rəngi-hənadır, demədim?
Ay, Baba, işlərimiz xeyli fənadır, demədim?
Ortaya saldı özündən hərə bir tazə dəbi,
Nə bilim qız oxusun, bəlkə də olsun ədəbi.
A kişi, arvad hara, bayram hara, kimdir səbəbi?
Bir yerə cəmləşib saxlaya mövludi-nəbi?
Oxumaq milləti-islama bəladır, demədim?
Ay Baba, işlərimiz xeyli fənadır, demədim?
Qız hara, məktəb hara, dərsü qələmdan hara?
Elm hara? Bilgi hara? Fatma, Tükəzban hara?
Ay canım, arvad hara? Zümreyi-insan hara?
Qız ki, şeytan kimidir, biz hara, şeytan hara?
Evimiz bir heçin üstündə binadır, demədim?
Ay Baba, işlərimiz xeyli fənadır, demədim?
Baxın indi oxumuş qızlara tüğyan eləyir;
Biri cəmiyyət açır, pul yığır, ehsan eləyir;
A kişi, arvad da özün bir yekə insan eləyir.
Tuf belə adətə olsun ki, müsəlman eləyir.
Arvada layiq olan cövrü cəfadır, demədim?
Ay, Baba, işlərimiz xeyli fənadır, demədim?

NOVBAHAR
Şad ol, könül ki, fəsl yenə novbahardır;
Hər yerdə bəzmi-eyşü tərəb aşkardır.
Bulvarda Annalar eyləyirlər səyahəti;
Yox naz-qəmzənin, bu sən öl, heç nəhayəti;
Var doğrudan da bulvara çıxmaq ləyaqəti;
Ey dil, bu bəzmə getməyinin var səfahəti.
Bulvar demə, behişt kimi laləzardır;
Şad ol könül ki, fəsl yenə novbahardır.
Bax, diqqət eylə lizaların xəttü xalına;
Ağlın gedər baxan kimi rüxsari-alına;
Bihuş olunca, diqqət elə gül camalına;
Baxma bu qəztə-məztəçinin qiylü qalına;
Vallah, o da Marusyalara cannisardır;
Şad ol könül ki, fəsl yenə novbahardır.
Millət itirdi şövkətü şanın, cəhənnəmə!
Zillət kəsib cahanda təvanın, cəhənnəmə!
Aclıqdan az qalıb verə canın, cəhənnəmə!
Fikrin nədir, verəm hələ nanın? Cəhənnəmə!
Millət evi cəhənnəmə ki, tar-mardır;
Şad ol könül ki, fəsl yenə novbahardır.
Yığ şəlpə-şülpəni, bulvara qıl səfər;
Ol cənnəti-cahanı gəziş bir, a bəxtəvər!
Huri deyilmi? Seyr eləyir, yaxşı et nəzər,
Aldanmaram qəztəçiyə, dad eyləmə hədər.
Millət qəmindən itilgetlər kənardır;
Şad ol könül ki, fəsl yenə novbahardır.
Ruhun var isə millət işin qoy kənarda,
Millət qəmini kim çəkəcək novbaharda?
Çıxsın canı, nə borcuna, yatsın məzarda.
Get işrət eylə, məqsədi-insan nigardır;
Fikr etmə ki, bu cür hərəkət nagüvardır.
Hər kəs dedi ki, millət işi ahü zardır,
Söylə ki, vaxt yoxdur hələ, novbahardır.

HALIN NECƏDİR?
Ay Baba, söylə görüm, indiki halın necədir?
Millətin halı üçün fikrü xəyalın necədir?
Söyləyirdin bizə daim niyə bu qədr yalan
Ki, uzun oynanacaq səhnədə “Arşın mal alan?”
Öləcək səhnə, drama, nə ki var yerdə qalan.
Təzə cəmiyyət açıblar, nə yatıbsan, bir oyan.
Di bu cəmiyyətə məqsudi-məalın necədir?
Millətin halı üçün fikrü xəyalın necədir?
Səhnəyə çəkdi “Səfa” ildə on üç gün zəhmət,
Hasili getdi drama baş-ayaq, bir rəhmət;
Aktyorlar yığışıb axırı etdi hümmət,
Təzə cəmiyyət açıb, ta ki, dirilsin millət.
Di bu cəmiyyətə sorğu-sualın necədir?
Millətin halı üçün fikrü xəyalın necədir?
Dirilib indi drama, kefim olmuşdur çaq,
Bu işi əmri-mahal ədd eləyirdin, a qoçaq!
Aşna, gördüm şaşıb hərdəm danışırsan beş-ayaq,
Yaşasın bu sayaq artist, sağ olsun, yenə sağ!
Başa gəldi, o sənin əmri-mahalın, necədir?
Millətin halı üçün fikrü xəyalın necədir?
Daha hər lobyasatan, çəkməçilərlə həmrah
Oluban, küçədə verməkçin oyun, tapmaz rah;
Dirilib gəldi drama, azacıq söz kütah,
Ömür lütf et belə artistlərə sən, ey Allah!
Söz ki bitdi, daha sındı pərü balın, necədir?
Gələcək səhnə üçün fikrü xəyalın necədir?

OYANIB
Yaşasın doğrusu, gör cümlə müsəlman oyanıb,
Varlı, yoxsul, ürəfa, canlı və bican oyanıb.
Hamısı hümmət edir, qeyrət edir, ibrət edir,
Eləyir cümlə nəzər işləri sahman, oyanıb.
Oyanıb millət əcəb, tapdı nicatın yolunu,
Oxuyub elm, kəlam etməyə insan oyanıb.
Sübh açıldıqda böyüklər yüyürürlər qabağa,
Dalca gəlməkliyə də millət obaşdan oyanıb.
Çıxıb hər gündə qəzet, həftədə məcmuə, kitab,
Çox mübarək, bu “Babayi-Əmir” əlan oyanıb.

BİLİRƏM

“Zəhlə töküb yazma” – deyənlərə
Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm,
Məni əfv et, yazıram hərzəvü-hədyan, bilirəm!
Nə ədibəm, nə mühərrir, kişi, şair deyiləm,
Şüəra və üdəbalar kimi mahir deyiləm.
Ciddi yazmaqla Hadi, gülgüdə Sabir deyiləm,
Xamədən dürrü-gövhər tökməyə qadir deyiləm.
Yazıram çünü-cəra, hərzəvü-hədyan, bilirəm,
Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm!
Mən də az-maz bilirəm yazmağı, bir pürhəvəsəm,
Çün neçə sahibi-xamə ilə mən həmnəfəsəm.
Məcburam töhmətin ilə səsimi mən də kəsəm,
Məni əfv eylə, itaət sözünə eyləməsəm.
Mən də çün-çün yazmağıma yoxdu bir imkan, bilirəm,
Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm!

O NƏDİR?
Səndən xəbər alım haqq bilən aşiq,
O nədir ki, sözü vardır, özü yox?
Cavab qaytar istəyinə müvafiq,
O nədir ki, özü vardır, sözü yox?
O nədir ki, bizləməsən, çalışmaz?
O nədir ki, dindirsən də danışmaz?
O nədir ki, xeyrə-şərə qarışmaz?
O nədir ki, haqq görməyə gözü yox?
O nədir ki, vaxtı keçmiş ölməyir?
O nədir ki, çox ağlayır gülməyir?
O nədir ki, yaxşı-yaman bilməyir?
O nədir ki, özün görər, bizi yox?
O nədir ki, Allahına pul deyir?
O nədir ki, ağasına qul deyir?
O nədir ki, olmaz şeyə ol deyir?
O nədir ki, əyrisi var, düzü yox?
O nədir ki, mümkün ikən tapılmaz?
O nədir ki, iynə satar, sap olmaz?
O nədir ki, istədiyin tapılmaz?
O nədir ki, arşını var, bezi yox!
O nədir ki, ayda qırx gün bağlanır
O nədir ki, bir həftədə bağlanır?
O nədir ki, qapısında ağlanır?
O nədir ki, “yox”dan başqa sözü yox?
O nədir ki, gün uzunu işləyir?
O nədir ki, işləmədən dişləyir?
O nədir ki, gündə birin boşlayır?
O nədir ki, oğlan sevər, qızı yox?
O nədir ki, bir həsirdir, dörd divar?
O nədir ki, bir qapıdır, bir açar?
O nədir ki, gördüyünə göz yumar?
O nədir ki, içində bir mizi yox?
O nədir ki, dəftəri çox, işi az?
O nədir ki, “sabah gəl”i qurtarmaz?
O nədir ki, qulaq verməz yüz min yaz?
O nədir ki, qışda getsən buzu yox?

POEMA
QIZ QALASI

1
Quzğunun sahilində pək qocaman
Bir yapı, əski sirlər yuvası,
Sanki dalmış dərin düşüncələrə,
Duruyor sakitanə Qız qalası.
Bu yaxın keçmişin gözəl gəlini,
Baxıyor, sanki qəm büküb belini,
Qocalar tək həyatdan doymuş,
Baxıyor dövrəyə yarımuyumuş.
Hər yan altın bəzəkli şən yapılar,
Dirilik dörd yanında qaynamada.
Arxada bir gurultu, bir yenilik.
Öndə çapqın vaporlar oynamada.
Qara, yüksək, şubay buruqlardan
Neft atılqanları nöyüt sərpər.
Həp yarım milyon işçinin çəkici
Öylə çarpar ki, yer əsib titrər.
Gecə sahil boyunda seyr edəsən,
Gəzişirlər yığın-yığın qızlar;
Günəşin istiqanlı yavruları
Hərə bir canlı gül seçib izlər;
Oxşayıb güldürər, gülər, dinlər,
Söyləyər, yalvarar, deyər, inlər.
Hər tərəf başqa dürlü bir yenilik;
Hər tərəf sevgi, hər tərəf şənlik;
Dirilik tam gurultusilə özün
Göstərir sahilində bir dənizin.
2
O, fəqət bunlara qoyurmu məhəl?
Yox, yox, o iştirakə pək tənbəl.
Görkəmindən düşündüyün sonsuz
Andırar sanki dərdli bir öksüz.
Unudulmuşmudur, ona darılar?
Əski elxanlılar çağınmı anar?
Kim bilir, söyləməz, qonuşmaz ki,
Qaynayan dirliyə uyuşmaz ki.
Dalmış o pək dərin xəyalə, durur,
Nələr, Allah, bu əski ev düşünür?!
3
Burası örtülü bütün eldən…
Pək dərin keçmişin, fəqət dildən –
Dilə vardırdığı dumanlı xəbər
Xalq içində maraqla söylənilər
Ki, bizim paytaxtımız xanının
Qızını Abşeron xanı görmüş,
Oğluna almaq istəyib sormuş.
Xan da bu batqın ölkə xalqından
Qorxaraq, indiki bu dik qalayı
Xəzərin göy suyunda tikdirərək,
Qızını, bir də bir qoruq alayı
Abşeron çapqınından aldırmış,
Göylərə, bu binayə qaldırmış.
4
Söylənir bu… fəqət mənə bir gün,
Qoca, düşkün qiyafəli bir pir
Pək gözəl, şairanə sözlərlə,
Etdi bir qəmli macəra təsvir.
5
Altı yüz il qədər əvvəllərdə,
Bu binaya yaxın duran yerdə
Bakının sahilüstü bir küçəsi,
Can sevən bir gözəl mayis gecəsi…
Tam göyün ortasından ay durmuş,
Dörd yanın dövrə bir işıq bürümüş.
Altı-yeddi sarımtıraq ulduz
Pək uzaqlarda titrəşir fərsiz;
Sakitanə dəniz durub parlar,
Sıçraşıb xırda damcılar oynar;
Uyuyur qumlar üstə ilbizlər;
Orda gizlənqaç oynayır qızlar.
Mey vurunca hava xəfifanə,
İnlədikcə dəniz xəfifanə,
Yerə aydan işıq saçıldıqca.
Görünüşdən ürək açıldıqca,
O mələk gözlərində bir sevda,
Baxıyor, sanki seyr edir röya.
6
Ruhu onsuz da oxşayan bu gecə,
Dayanıb bağda bir yaşıl ağaca,
Saçların dağınıq arxaya tökərək,
Gözlərin ta uzaqlara dikərək,
Baxıyor bir xəyalə dalmış qız,
Baxıyor kainata qırpımsız.
Göydən ay öz şəfəqlərin səpiyor,
O qızın ağ gümüş döşün öpüyor.
Bir xəyalı kaman tək inləyərək,
Şəvə tək saçların öpər yellər.
Oxşadıqca ilıq hava bədənin,
Qucuyor boynunu uzun tellər.
O fəqət… dinləməz bu aləmi bir,
Baxıyor düz, düşüncəli, dilgir;
Sanki bir başqa kainat arayır.
Arabir diksinib için çəkiyor,
Ağaca doğru başcığın əkiyor,
Yenə dinməz, baxır fəzaya qəmin,
Yenə tutqun, haman yenə dalğın,
Qara gözlər haman yenə süzülür,
Al dodaqlar ara-sıra büzülür,
Gülüyor, ağlıyor, deyil, bəlli,
İnliyor, dinliyor çətin həlli!
İri, süzgün, qara kömür gözlər
Bu üfüqlərdə, ax, nələr gözlər?!
Keçmişin bu işıqlı ulduzunun,
Allah, Allah, bu gündoğuş qızının
Nələr etmiş xəyalını məğşuş,
O ayıqdırmı, yoxsa bir bihuş?!
Bu gözəllik, bu incəliklə məgər
Görən olsa, ona deyərmi bəşər?
Yox, satqın, heç bu od ona gəlməz,
Onu kim görsə, canlı zənn edəməz;
Deyəcəkdir, yəqin ona röya,
Pək dərin, şairanə bir xülya.
7
Göydə bir parça ağ bulud yürüdü,
Pərdəvarı ayın üzün bürüdü.
Bir dəqiqə hava qaraldı bütün,
Yenə durmuş bu qızcığaz məhzun.
Yenə əvvəlki tək deməz, dinməz
Yenə əvvəlki tək susar, gülməz
Bulud ötdü, yenə açıldı hava;
Yenə dalğın bu müztərib sima.
Demək olmaz ki, mütləqa qəmli,
Demək olmaz sevinməsin də vəli.
Doğrudan qayğımı çəkir bu mələk?
Yoxsa sevdalıdır bu qönçə çiçək?
Bağlıdırmı bir odlu eşqə bu qız?
Kimə aşiq bu parlayan ulduz?
Kimdir o taleyi bu cür gülüyor
Ki, onunçun bu al çiçək soluyor?
Onu yoxsa sevirmi bir sevici,
Gülüyor qız, bu eşqə pünhanı?
Yoxsa mümkünmü saymayır, eşqin?
O da bu sevginin pərişanı.
Böylə orta, bilinməyən bir hal.
Kəsdirib, bilmək həp bu halı mahal.
Ağ buludcuq ayın yanında gəzir,
Bir qayıq ta uzaq dənizdə üzür.
Yel ipək kömləyin qızın oxşar,
Saçların telbətel öpər, oynar.
Gecə ölgün sükut ilə yürüyor,
Qız da əvvəlki hal ilə duruyor.
8
İki yandan sümükləri çıxmış,
Qırışıq sərt üzündə bir iffət;
Boz qalın qaşlarilə örtülmüş
Xırda dik gözlərində bir şəfqət.
Gülüyor, hər addımda bir duraraq,
Gəliyor, çiyninə başın buraraq,
Gəliyor, san, nə isə dinləyərək,
Gəliyor hər addımda inləyərək,
Gəliyor o Qantemir pərişan hal.
Gəliyor xəstələr kimi bihal,
Gəliyor söyləsin öz eşqini ta,
Seviyor öz qızın zavallı ata…
Seviyor, həm deyil ki, bu ata tək,
Onu etmiş əsir o canlı çiçək,
Seviyor həm nasıl ki, gənc gənci;
Seviyor həm nasıl ki, bir sevici.
Yürüyor ixtiyarsız, ölgün;
Yürüyor kəndi-kəndinə küskün.
Qorxuyor o, zəhərli dillərdən,
Sanacaq xalq onu rəzillərdən;
Adına nəslinin ləkə sürüyor,
Ox, nə müdhiş bu!.. Bir qədər duruyor,
Qorxuyor tutduğu şəriətdən,
Qorxuyor tanrıdan, qiyamətdən;
Ad, san, el, tanrıdan olur məhrum.
Görüyor qarşısında bir uçurum.
Ölüyor, partlıyor, yenə seviyor.
Yürüyor, inliyor, yenə yürüyor.
İstəyir getməsin, ürək sürüyor;
İstəyir sevməsin, könül seviyor!
9
Doğru bir sevginin hüdudumu var?
Yox, yox, ancaq sevən bunu anlar!
Sevgi bir şey ki, çəkdirir zillət,
Həp əzabından aldırır ləzzət.
Sevgi bir od ki, yandırır ürəyi;
Sevgi bir göz ki, yox onun bəbəyi.
Kim ki sevdi, kim olduğun sormaz.
Sevdiyindən o, başqa şey görməz,
Eyləyir sevgi əqli tez fani,
Veriyor bir həyati ruhani.
Onu dünya yığılsa qandırmaz,
Ya mələklər gələ ovundurmaz.
Ona bir fərqi yox düyün, matəm,
Sevəcəkdir dağılsa da aləm.
Qorxmaz o, tanrıdan, şəriətdən,
Alır onsuz da zövq zillətdən.
Onda yox artıq hissi-heyvani,
Arar ancaq ki, zövqi ruhani.
10
Yürüyor Qantemir yenə irəli,
Qorxduğu şeylərin yox heç əsəri;
Yürüyor sevgi, başqa təkcə məal…
Duruyor qız önündə sanki xəyal.
İndi ay ağ buludcuğu devirib,
İşığın sanki büsbütün çevirib,
Töküyor sahilə gülümsəyərək,
Sanki cənnət yaratmaq istəyərək,
Qızı guya mələkliyə sınayır.
Şəfəqilə qızıl saçın yıqayır.
Mən əminəm ki, göydən ensə mələk,
Yenə üstün gələr bu nazlı çiçək.
Bu gecə etiraf olunsun, əvət,
Tanrıya bir rəqib olub xilqət.
Artırınca gözəlliyin yaranış,
Alıyor qız ilahi bir görünüş.
11
Baxıyor Qantemir, həzin baxıyor;
Yaş gözündən dayanmadan axıyor.
Baxıyor Qantemir qəmin, məhzun.
Çıldırır, bax, deyilmi bir məcnun?
Baxıyor, bir zavallı tək baxıyor,
Bu gözəllik sinirlərin yaxıyor.
Gülüyor hər tərəf: dəniz, su, hava,
Bircə tutqun bu qızcığaz, bu ata.
Yarpaqaltı işıqlar oynaşıyor;
Qıza Məcnun ata yaxınlaşıyor,
Gözlərində alovlu bir sevda;
Sərt, fəqət pək boğuq səsiylə ona:
– Durna! – Qız diksinib, həzin, süzgün
Baxıyor, qarşısında san düşkün,
Pək və şaşqın, yazıq ata, duruyor.
– Yenə gəldinmi? – Of, – deyib soruyor.
– Bu qədər qayğı, bunca işgəncə
Sanıyorsan ki, azmı bir gəncə?
Məni, onsuz düşüncələr bürümüş;
Fikrimi onsuz da qayğılar yormuş.
Mənə onsuz bu eşq tüğyani
Veriyor bir əzabi-ruhani.
Yaxıyor qəlbimi bu eşqin ya,
Ox, zavallı, aman, zavallı ata!
– Durna! Sus! Sus! Nədən bu danladığın?
Bilirəm, yox ki, eşqi anladığın,
Bilirəm sən nədən bu cür dalğın,
Bilirəm, ax, bu sevgi pək şaşqın.
Haqlısan sözlərində, pək haqlı,
Duyğum üstün ki, susdurub ağlı.
Durna! Duyğum Xəzər kimi daşqın;
Nə edim? Əmr edir bu cür şaşqın.
Yox, bu şaşqın deyil, deyil, əsla!
Məndə bu sevgi doğru bir sevda.
Kim olursan sən, ol da, yox xəbərim,
Mən fəqət bu gözəlliyi sevərim.
Bu gözəllik, bu incəlik, bu, əvət,
Aldığın bu ilahi vəziyyət,
Mən deyil, hər kəs olsa bənd eləyər,
Atan hərgah peyğəmbər olsa, sevər.
Baxıyor qızcığaz inildəyərək,
Ata həm ağlayır sözün deyərək:
– Sən nəsən? Çünki bir sevilməli gül.
Ağlayırsanmı? Durna, sus! Gül, gül!
Ağlamaqdansa, al məni öldür.
Gül, bu məcnun ürəyimi güldür!
Səni ağlar görəndə handa mənim!
Çatlayır, partlayır bütün bədənim.
Durna! Səndən çocuq kimi dilərəm:
Ağlama, yoxsa indicə ölərəm.
Gülüyor qızcığaz heç istəmədən:
– Ata, ah, söylə, söylə, nədən
Böylə şaşqın bir eşqə verdin dil,
Nə deyər tanrı, ya nə söylər el?
Vurdu meh, keçdi bir ilıq ruzgar,
Güldü san incə bir gülüşlə bahar.
Gəldi bir an tərənnümə güllər,
Yenə susdu əvvəlki tək yellər.
Yenə ölgün sükuta batdı açun,
Qantemir indi büsbütün məcnun.
Çal bığlarla örtülən ağzı
Hər sözündən sonra köpüklənərək,
San ürəkdən tutub çəkir sözünü.
Sözü gah yüksəlib də, gah enərək,
Söyləyir: – Durna! Anlamam səni mən,
Bu qədər qorxu, ya sıxıntı nədən?
Mən özüm indi kimsəni tanımam,
Kim nə istər desin, mən aldanmam.
Mənə indi mələk və ya insan,
El, peyğəmbər, kitab, din, Quran,
Məmləkət, hökmdarlıq, xanlıq,
Qüssə, qayğı və ya firavanlıq,
Hamı bir heç, hamı mənə röya!
Bircə sən, sən, aman, aman, Durna!..
O baxışlar ki, sevgi tək qəmgin,
O yanaqlar ki, gül kimi rəngin,
O dodaqlar ki, ağlayır gülərək,
Gülüyor sanki dərdimi bilərək,
Ax, o kirpik ki, indicə qurumuş,
O qızıl saç ki, boynunu bürümüş,
Ax, o gözlər ki, andırır xülya,
Çırpınır varlığında bir sevda,
Bu gözəllik, bu incəlik, bu gülüş,
Bu xəyali, ilahi bir görünüş
Mən deyil, Tanrıya vurar düzgü.
Bax, özün Durna, bax, aman, güzgü
Yox ki… yar qəlbimi var onda hamı.
Canlı bir Durna, yox ki, tək rəsmi.
Bu gözəllik ki, səndə var, Durna,
Tanrı, sevsəm, yəqin darılmaz ona.
Haqsızam sevməyə gözəlliyi mən?
Kəndisi Məryəmə vuruldu nədən?
Sevdi kəndi yaratdığın kəndi,
Mən sevərsəm, mənə nə der indi?!
İstəyirsə ki, sevməyim səni mən.
Səni böylə gözəl yaratdı nədən?
12
Qantemir məmləkətdə bir dahi,
Əski qalxan-qılıncın Allahı.
Qantemir qəhrəmanlar öldürmüş,
Diriliklər qılıncı soldurmuş,
Ona tabe alovlu bir ölkə,
İndi durmuş nasıl ki, bir kölgə;
Heç duyulmaz ki, işləyir nəfəsi;
Arabir inləyir qırıntı səsi:
– Durna! Yavrum, darılma, olma məlul.
Sevmə bir başqasın, aman, mənim ol!
Varlığın çeynər odlu bir qayğu,
Ata bəklər maraqla qaytarğu.
İndi sahildə səs-səmir əsla
Eşidilməz, açun yatıb guya,
Tərpənişsiz bütün hava durmuş,
Batqıya doğru bir az yürümüş.
Seçilir göydə güclə ulduzlar,
Uyumuş həp dəminki gənc qızlar
Dinməz öz boynunu əyib güllər,
Sanki bir şey maraqla pək dinlər.
Bu sükutu yarar fəqət arabir
İlbiz oymaqları yaşıl təpələr;
Öndə parlaq sularda incə, xəfif
Bir şırıltıyla oynaşan ləpələr.
Baxıyor Durna, sanki bir heykəl,
Çeynəyir varlığın dəmir bir əl.
Baxıyor kainata hiddətlə,
Qocanı, həm kəmali-diqqətlə
Süzüyor, kəndi bilmədən səbəbin;
Yenə dalğın, haman yenə dalğın…
Qantemir indi canlı bir heycan,
İldırım, od, alovlu bir vulkan.
İnləyir tapdağında guya yer,
Parlayır gözlərində şimşəklər.
Bu gözəllik sinirlərin yaxıyor;
Sanki ac qurd şikar üçün baxıyor.
Baxıyor Durnanın bu heyətinə,
Mütərəddid gözəl qiyafətinə,
Söyləyir: – Durna! Nazlı yavrum, bax,
Məni məhv etmə, bu sükuta burax!
Mən həyatımda dürlü gün gördüm,
Əymədim baş açunda bir nəfərə,
Bir nəfər yox, bütün bəni-bəşərə.
Oda girdim, ölümlə çarpışdım.
İçmədim su, həmişə qan içdim
Məni gördükdə handa bir əsgər,
Qəhrəmanlar, igid-igid ərlər
Titrəyirlərdi sanki bir yarpaq,
Oynaşım qan, dəmir, çəlik, mızraq!..
İxtiyarəm deyib də, aldanma.
Hələ pək güclüyəm, inan, Durna!
Mənə odlar, sular, biyabanlar,
Vəhşilər, arslanlar, insanlar –
Həpsi bir heç! Önümdə bir kölgə…
Bax özün, iştə odlu bir ölkə,
Bir böyük kütlənin həyatı bütün
Bir oyuncaq kimi əlimdə zəbun
İstəsəm, həpsini əzib, didərəm,
Tapdaram həp həyatı məhv edərəm.
Tikərəm bir hasar bu ləşlərdən,
Yaparam bir minarə başlardan.
Orda bir şən çiçəkli bağ salaram.
Həp bu qanlarla torpağın sularam.
Mənə dünyada qarşı qüvvət yox,
İstəyim verməyən şəriət yox.
“İstəyin yapma!” söyləyən bir din
Mənə lazım deyil də, məhv olsun…
Ulu tanrım, bu süngü, bu qalxan
Türk üçün həp budur böyük yaradan.
Çünki varkən əlimdə bu mizraq,
Nə dilərsəm, o mütləqa olacaq!
Nə ararsam əlimdədir, taparam,
Hökmranam, nə istəsəm yaparam!
Bircə sən… ox, zavallı yavrum, sən,
Sən böyüksən və güclüsən məndən!
Eşqi yıxmaq ki, qeyri-mümkündür,
O ki, hər hökmdarə üstündür.
Hər kim olsan da tapdaram, ayamam,
Bircə ancaq bu eşqi zorlayamam,
Çünki sənsən mənim də bir əməlim,
Dön, gözəl yavru, tanrım ol da mənim!
Diləyin varsa, söylə, rədd etməm,
Sənə qarşı, satqın, güc işlətməm
Al, ölümlər saçan bu mızraqlar,
Bu geniş anlı-şanlı torpaqlar,
Qüvvətim, dövlətim, yerim, yurdum,
Təxtü tacım, mənliyim, bu qəddim,
Sərt, bükülməz qolum önündə bükük;
Bax, bu mızraq, bu mən götür əz, tök!
Qüvvətim, varlığım, dəmirli əlim.
İştə bir eşq ilahəsinə təslim.
Sən bu gün hökmdarsan, mən qul,
Durna… yavrum! Fəqət… aman… mənim ol!
Qantemir, Qantemir igid bir ər,
O ki, yıxmış böyük vilayətlər;
O ki, mehrabə, çox baş əyməzdi,
Pürvüqar alnı möhrə dəyməzdi;
Onu qorxutmayırdı atəşgah,
Onu tapdarmayırdı bir Allah;
O, əvət o, bax, iştə diz çökmüş,
Tanrı bulmuş da, həp boyun əymiş.
Əlli ildir bükülməyən dizlər
Bükülüb indi yaş çubuqlar tək.
Ağlamaq bilməyən bu sərt gözlər
Ağlayır, ağlayır çocuqlar tək!
Yenə ruhunda bir təkəbbür var,
Onda guya dəniz, sular, dağlar
Söyləyir: – Qantemir, utan, doğrul,
Sən ki, ərdin, tapınma, qalx da, ər ol!
Bu qədər yalvarış nədir bu qıza…
Baxıyor Durna bu kədərli üzə,
Çeynəyir ruhun odlu bir dəhşət,
Gülüyor heyətində bir əzəmət;
İnliyor gözlərində yorğunluq,
Qaplamış kainatı susqunluq.
13
Göydə ay ağ buluddan ayrıldı,
Qara varlıq ziyaya qərq oldu.
Göylərin boşluğunda pək müdhiş,
Sanki pək laübali bir sərxoş
Gəzərək kainatın hər yerini,
Sərpərək öz ziyalı tellərini.
Durnanın etdi üzcüyün tənvir.
Gəl də, şair, bacarsan, et təsvir!
Çalma, rəssam, fırçaya çəngə;
Giriyor, bax, nəfəsdə yüz rəngə.
Həp qızarmış bu gül yanaqlar, bax,
Al dodaq, sanki indi qan axacaq.
Qara qaşlar çatıldı quş qanadı,
Qara gözlərdə titrəyir sevgi;
Nəfəsin çəkdi bir tərəddüdlə,
Sanki vardır pək incə bir diləyi.
İstəyir söyləsin… yumruq ağzın
Pək zərif bir şaqaq tək açdı.
Dinməyir… ağlayır… tərəddüd edir.
Gül dodaqdan, bax, iştə qan açdı.
Susdu, guya ki, pək ağırdı sözü,
Rəngi qaçdı, saraldı bət-bənizi.
İstədi söyləsin, fəqət susdu.
Küsdü, bilməm nədənsə, pək küsdü.
Daldı bax, pək dərin xəyalə yenə,
Düşüyor, kəsdirir o bilməm nə?
Titrəyir, bax yenə qızardı üzü,
İstəyir söyləsin dəminki sözü.
Yenə susdu, baxışları süzülür,
Daldı, bilməm nədənsə pək üzülür.
Yenə küsdü, yaşardı həm də üzü,
Baxıyor, sanki seyr edir dənizi.
14
Nədir, Allah, bu yavruda bu məlal!
Bu tərəddüd, bu qəm, bu küskün hal!
Aman Allah, nədir onun diləyi?
İlk baharın bu nazənin çiçəyi
Yenə susmuş neçin tərəddüd edir?
Kim bilir, o, həp nələr düşünür?
Atasın istəyirmi qandırsın?
Sevdiyinmi bir az yubandırsın?
Atasın “yox!” deyib, yox etsinmi?
Demədən sevdiyilə getsinmi?
Yoxsa, atsın bütün, bütün eşqin,
Olaraq keçmişin pərişanı,
Sevsin ancaq yazıq qoca atasın,
Çəkərək bir əzabi-vicdani?
Keçmişin, sevdiyin, özün, ürəyin,
Gələcək günlərin, adın, diləyin.
Həpsin, həpsin atıb, onu tutsun?
Bilərək kəndisin fəda etsin,
Duyğunu, ağlı, hissi dondursun,
Bu yazıq aşiqin ovundursun?..
Bu da pək güc, onun ümidləri bəs?
Boğulur, san, yazıq çəkincə nəfəs.
Hələ fikrində bir yığın heycan,
Hələ qəlbində odlu bir vulkan.
Hələ titrək dodaqlarında yaxar,
Dünkü bir öpkünün bu gün yeri var.
Həm də şahid bu ay, bu ulduzlar.
Allah, Allah! O verdiyi sözlər…
Bəs o? Bəs o? Onu unutdumu, dur,
Seviyor, ox nasıl onu unudur?
Səndə təsvirə güc bulunsaydı,
Çöhrəsindən görərdiniz indi
Ki, bütün bunları xatırlayaraq,
Keçirir bir rəsm kimi gözdən.
Yeri gəldikcə inləyir, saralır,
Bəllidir, həpsi, həpsi də üzdən;
Qızarır həp, yenə dönüb ağarır,
Hər nəfəs başqa bir qiyafət alır.
Göylərin boşluğunda ay qoşuyor,
Ağ buludlarla sanki oynaşıyor.
Ta uzaqlarda parlayan suları
Ufacıq bir qayıq yarıb üzüyor;
Qızcığaz həp əvvəlki tək dalğın,
Onu, guya, düşünmədən süzüyor.
Bax, çatıldı yenə hilal qaşlar,
Qəti bir halda gəldi, doğruldu,
Sanki bulmuş kimi o, istədiyin,
Sərt, çevik tərpənişlə döndü dedi:
– Ata, artıq mənim deyilsən atam,
Mən sənə, anladınmı, indi yadam.
Mən Xəzər sahilində bir durna,
Sən də bir ovçu kimi vuruldun ona.
Yetər artıq, üzülmə, ağlama, gül!
Al, sənin indi sevdiyin bir gül,
Çeynə, did, parçala, gəmir, məhv et!
Nə bilirsən də et, muradına yet!
Qoy eşitsin bütün cahan, bilsin!
Həpsi dildən-dilə deyib gülsün
Ki, rəzil bir ata, rəzil bir qız
Yaşayıb öldülər də ismətsiz.
– Durna! Yavrum, bu halətin dəhşət,
Haqsızam mən, fəqət düşün, əfv et!
– Keçmiş artıq, nə olsa, qoy olsun,
Sənə həp son məzarım eşq olsun!
Qoy desinlər, yalandır, aldanmam,
Dinlə, zövcüm, mənim dünənki atam!
Qoy desinlər: o bir rəzil qocadır;
Məncə eşqin sənin fəqət ucadır.
Sən özün heç, sözün də biməna,
Eşqin ancaq böyük, vuruldum ona…
Söyləyir Durna bilmədən özünü,
Söyləyir kəlmə-kəlmə hər sözünü…
İşlədikcə çapıq-çapıq nəfəsi,
Eşidildikcə incə, dadlı səsi,
Zənn edirsən ki, incə bir dilbər
Sararaq bir kəmanı əllərini,
Başdakı sevginin xəyalilə
İnlədir aşiqanə tellərini.
Söyləyir Durna – Qantemir, dinlə!
Yaşamaq istəyirmisən mənlə!
Seviyorsun yəqin ki, var xəbərim,
Verərəm söz ki, mən də həp sevərəm.
Sənin olsun ki, varlığım, ürəyim,
Var fəqət səndən incə bir diləyim:
Doğrudan sən məni sevirsənsə,
Yapacaqsan nə sevdiyin diləsə.
Görüyorsunuzmu, bax, bu ağ dənizi,
Şüşə tək parlayır nasıl da üzü,
Mənə təkdir bu göy sularda bir ev,
Qaldır əvvəl bu yüksəyə, sonra sev.
İstəyirsənmi boynunu qucayım,
Mənə imkan ver, ilk əvvəl uçayım,
Uçayım pək uzaq bu yerlərdən,
Uçayım pək uzaq bəşərlərdən…
Burda qalsam, mənim üzüm gülməz.
Məni bir kimsə anlamaz, bilməz;
Gələr hər kəs dilində yəzdani,
Anlamaz kimsə zövqi-ruhani.
Öylə olsun evim uca və böyük,
Övzülün Kaspi öpsün, üstün göy.
Bu bina sevgililərlə qoy dolsun,
Dörd yanım, həp mühitim eşq olsun;
Mənzilim olsun eşqlər yuvası,
Adı olsun sevimli Qız qalası.
Durma, get, haydı, çırpınır ürəyim;
Get, fəqət bulmalı yerin diləyim.
Ondan əvvəl mənə görünmə, saqın.
Qantemir açmadan dilin, dodağın.
Sanki gənc çağların bu gün yaşıyor,
Sərt addımlarla həp uzaqlaşıyor,
Yenə dik gözlərində bir şiddət,
Yenə fikrində bir yığın dəhşət.
15
Yel bir az da sərinləşib əsiyor,
Baxışı sərt işıqla Ay kəsiyor,
Mey vurunca xəfif-xəfif yellər,
Qız daha müztərib durur, inlər.
Sahilə bir ufaq qayıq yanaşır,
Süslü bir gənc onun içindən aşır.
Durnaya doğru durmadan qoşaraq,
Ona doğru haman yaxınlaşaraq,
Söyləyir: – Pək gecikmişəm, Durna!
Ağlayırsan, aman, darıldın ona!
Bilmədim, sevdiyim, bağışla məni…
Durnanın titrəyib bütün bədəni,
Baxıyor pək sürəkli, pək sakit:
– Son, bütün son, səfalı günlərə son!
Son, bütün keçmişə, keçənlərə son!
Məni bundan sonra düşünmə…
– Aman!
– Bilirəm pək bəlalıdır hicran,
Duyğusuz, uyğusuz yetim gecələr,
Süslü dünya cəhənnəm olsa əgər,
Yenə qarşımda başqa yox tədbir,
İki yol var, fəqət, nəhayət bil,
Həp ölümdür, ölüm, ölümdür, ölüm!
İştə, yavrum, bu son səfalı yolum…
Məni səndən ayırdı bir tufan,
Çarə yox, böylə istəmiş yaradan…
Durna bir gül ki, açmadan soldu;
O səninçin həmişəlik öldü.
Eşq üçün ayrılıq gözəl bir yol,
Get, gülüm, get, fəqət üzülmə, ər ol!
Baxaraq bir də son nəfəsdə ona,
Evə doğru uzaqlaşır Durna.
Yenə ağlar gözündə bir sevda,
Yenə dalğın üzündə bir xülya.
16
Ay dolanmış da, həftələr ötmüş,
Suda pək süslü bir bina bitmiş.
Qucuyor övzülün dəniz, quru yer,
Öpüyor yüksək alnını göylər.
Üstü görsənməyir dumanlarda,
Sanki itmişdir asimanlarda;
İlk gülən, son ölən şüası bütün
Həp onundur doğan, batan günəşin.
O gözəldir, o bir gəlin kimi şən,
Baxıyor bir vüqar ilə gendən.
Qarşıda daxmalar hörümlü, açıq,
Komalar həp qırıq, tökük, dağınıq;
Çevrəsində nə varsa, həp əski,
Bir rəqib axtarır da, bulmaz ki.
Suda öz kölgəsin görüncə gülər,
Öz şubay görkəmilə fəxr eylər.
Sanki bir güzgüdə boyun dümdüz
Görərək, çevrilir gülər bir qız.
Birləşib pək uzaq dənizlərlə,
Baxıyor sahilə gülümsəyərək,
Eşqə vurğun kədərli gözlərlə
Sanki öz saçlarilə fəxr edərək.
İştə son zirvəsində göylərdə
Duruyor, pək uzaq bəşərlər ona;
Duruyor sanki bir sular pərisi,
Duruyor bir vüqar ilə Durna.
Baxıyor sanki bir mələk göydən,
Bir mələk görkəmində gerçəkdən.
Saçları arxaya səpinmiş açıq,
Baxıyor sanki fikri pək dağınıq.
Baxıyor, san, gözəllərin şahı,
Baxıyor, san, gözəllik Allahı.
Baxıyor sanki göydə bir ulduz,
Baxıyor bir xəyali dilbər qız…
Tac taxınmış çiçəkdən, otlardan,
Sanki doğmuş bu, ağ buludlardan.
Onu guya ki, bəsləmiş göylər,
Bir çiçəkdir, toxunsalar, tökülər.
Onu guya ki, şeirdən hörmüş
Bir çəmənzar içində bülbüllər.
Onu guya ki, nəğmədən toxumuş
Nazlı bir qız, ziyalı bir dilbər.
Onu guya ki, süsləmiş, bəzəmiş
Göylərin incə mənəviyyatı.
Onu guya ki, sevgidən yaradıb
İlk baharın gülümsəyən səhəri.
Onu guya ki, bilmədən doğurub
Gülüşündən görünməyən Tanrı.
Yox, burax, tanrı-manrı bilməm mən
O, qadındır, gözəldir hər şeydən.
Sadə bir qız, sevimli bir dilbər;
Ona tapqın dəniz, hava, quru, yer.
Nədir əyləndirən həyatı, pəki?
Bir gözəllik deyilsə bilməm ki,
Həp yarınçın sürüklənirkən sən,
Umduğun şey nədir yarınlardan!
Gələcəkçin nədir bu qayğı, bu hal?
Həp gözəllik deyilmi bir ideal?
İştə hər kəscə etiraf edilir
Ki, qadın canlı bir gözəllikdir.
Həp təbiət edir pərəstiş ona,
Hamısından gözəl, fəqət, Durna.
Həp çiçəklər onun gülüşləridir,
Həp çəmənlər onunla süslənilir,
Boş fəzalarda seyr edib uçuşan
Bu mələklər xəyalı, kölgəsidir.
Qəlblər, ruhlar, könüllər həp,
Eşqə təslim olan bir ölkəsidir.
Şairin, şeirin həp ilahəsi o,
Şeirlər, nəğmələr onundur hamı.
Hər kəsin şərt-ilahi tapmasıdır.
Əsl Allah bu, o biri yapmasıdır.
17
Üzüyor Qantemir düşündüyü bu,
İnləyir sərt küləklərindən su.
Bir qayıqla yaxınlaşıb yapıya,
Bir buruq ip ilişdirib qapıya,
Dırmanıb Qantemir, girir içəri.
Dinmədən bircə-bircə pillələri
Çıxıyor çox çapıq nəfəs çəkərək,
Hər gördükdə bir azca əylənərək.
Bir baxış… sanki seyr edir suları,
Yenə qalxır çapıq-çapıq yuxarı.
Çal bığlar, çəkincə iç titrər,
Enli alnından axmada tərlər.
Qarışıq çöhrədə sevinc parlar;
Parlayan gözlərində eşq oynar.
18
Əmrinə Durnanın boyun əyərək,
Qantemir büsbütün əməl etmiş.
İkiillik əzabdan sonra
Su içində bu dik bina bitmiş;
Toplamış ölkəsində hər nə ki var
Bacarıqlı, dəyərli sənətkar.
Hamısından da çox çalışmış özü,
Eşqə təslim üçün coşan dənizi.
Can çürütmüş, əzaba qatlanmış,
Hər daşın göy yaşıyla islatmış.
İki il cansıxan uzun gecələr…
Bir cəhənnəm otaq, yataq, hər yer.
İki il ayrılıqda çırpınaraq,
Bəkləmişdir bu son günü naçar.
İştə son gün ki, bu bina bitmiş,
Yenə axşam mayis… sevimli bahar.
Əyərək Durna həp qəzayə boyun,
Gecələr, uyğusuz, gündüz tutqun,
Gözü ağlar nasıl ki, yazda bulud,
Bağçalar həp gözündə bir tabut;
Bir məzarlıq gözündə aləmlər,
Yaşamış adətən cəhənnəmlər.
İkiillik əzabdan sonra
Əmrinin bitdiyin demişlər ona.
Büsbütün əski xatiratə uyuq.
Bu binaya bu gün çıxıb Durna,
Baxıyor bir maraq ilə göydən,
Baxıyor kainata yüksəkdən.
Görüyor bir yığın ufaq komalar,
Bəşərin ilk məzarı həp bunlar.
Zəmilər, bağçalar ki, böylə geniş,
Bir məzarlıq deyilsə, ya nə imiş?
Həp bu insan nədir, tifil hərbi?
Gəzişir bir yığın qarışqa kibi!
Bunun ondan nə fərqi var, tək bir,
İki, ya dörd ayaqlığındamıdır?
Eşqlər, duyğular, düşüncə, bu qəm…
Nədir, Allah, bu çarpaşıq aləm?
Öylə açmış təsəvvüratı qanad,
Oynayır sanki bir yüyənsiz at.
Başqalaşmış gözündə həp dünya;
Son dönüşdür bu, seyr edir guya.
Görür insanların keçinməsini,
Günəşin son şüası sönməsini.
Hərəkətlər də sustlaşır artıq,
Bir sükutə batıb gedir aralıq,
İndi dammış sükunət hər yerdə,
Eniyor kainata bir pərdə.
Bir qaranlıq, ürək sıxan qaralıq,
Daldı həp birdən uyquya varlıq.
Yandı göylərdə göylərin çırağı,
İndi ay doğdu, sanki qan çanağı.
Durna artıq baxınmayır, dalmış.
Bəkləməkdən vücudu sustalmış.
Gözləyir göydə öz ərin – atasın,
Ruhu dalğın, vücudu həp dalğın.
19
Qapını Qantemir açıb girdi,
Durna diksindi, sıçrayıb durdu.
İki ildir görüşməmişlərdi,
Hər baxış, san, bir incə xəncərdi…
Qara gözlər dikildi Qantemirə,
Sanki mızraq dayandı sərt dəmirə.
İlk əvvəl endi bir sürəkli sükut:
Ata məhbut, qız da həp məhbut…
Qantemir sonra, uslu, çox qorxaq,
Cansıxan bir sükutə son qoyaraq:
– Durna! Yavrum! Neçin donub qaldın?
Pək üzüldün, neçinsə sustaldın!
Durna durmuş bir incə sərtliklə,
Dinməyir bir sükut içində hələ,
– Nə gözəl bir qiyafət almışsan!
Sən həqiqətdə pək gözəlmişsən!
Ox! Bu paltar, yanılmayırsam əgər…
– Anamındır, əvət, bu əlbəsələr;
Doğrudur, Qantemir, xatırladığın.
– Bu qiyafətlə kaş ki, bilsəydin,
Nə qədər bənzəyirsən öz anana!
– Bir zaman gənc ikən…
Vuruldum ona…
– Abşeron xanlığıyla çarpışdın…
Bir təsadüf ki, sən əsir düşdün.
– Demə, yavrum, yetər keçənlərdən…
– Səni onlar da asmaq istərkən,
Anam ancaq təsadüfən görmüş,
Gecə gəlmiş…
– Əvət, bəlalı bir iş.
– Uyuyurkən yanında bir cəllad,
Səni dustaqdan eyləmiş azad.
Xan qızıykən əsirə bağlanmış.
Səni sevmiş, vəfalısan sanmış.
– Onu mən son məzarədək sevdim.
Onu hətta bu gün də… ah nə edim?
Onu dünyaya bu gün dəyişməzkən…
– Bircə sən, sən onun bərabərisən.
– İzləyirkən sizi qızın atası,
Söylə, batrıldı Abşeron adası…
Qantemir xatirat içində haman
Çeynəyir sanki varlığın qaplan.
– Durna! Yavrum! Burax, danışma daha!
– Üzülürsən, neçinsə, ha-ha-ha!..
Bax, bu süslər, bu gördüyün paltar
Həp onundur, geyinmişəm nə ki, var.
Qucacaqsan bu yadigarı… utan,
Qantemir… iştə həpsi qandır, qan…
– Durna… artıq bu sözlərin yersiz.
Sən unutdunmu? Bağda verdin söz…
Mən də, eşqim də suçluyuq bəlkə,
– Andı qırmaq yaqışmayır türkə,
“Olacaqdır?” – dedim, dedin: “Olacaq!”
Mən bu dəryanı zorla susladaraq;
Vermişəm bu binaya varsa nəyim,
Hökmdarkən önündə indi nəyim?
Məni heç bir səbəb utandıramaz,
Eşqdən aşiqi usandıramaz.
Hər şeyin varsa bir nizamı bu gün,
Eşq üçün yox cahanda bir qanun.
Qoy dağılsın bu varlıq övzüldən,
Qalmasın bir iz ölkədən, eldən!
Qaplasın qoy cahanı bir matəm,
Göz yaşında boğulsun həp aləm!
Qoy cahan dövrü saxlanıb dönsün!
Yanmasın göydə bir ziya, sönsün!
Bitməsin bir göyərti bir yerdə,
Gülməsin bir çiçək çəmənlərdə!
İldırımlar vurub da, od, yansın.
Yerə ensin nə varsa – ulduz, gün!..
Yerə qiyamət kəsilsin istər yer!
Həp bu varlıq sükuta qoy dalsın,
Dirilik məhv olub da sarsılsın!
Qaplasın kainatı bir qaralıq,
Bir xəyal olsun iştə həp varlıq!
Ölüm açsın həyata qarşı yürüş,
Ulasın hər tərəfdə bir bayquş!
Qoy cahan bir məzara çevrilsin,
Bəşəriyyət həyatı son bulsun!
Yenə ruhum qımıldamaz əsla!
Yenə eşqimdə sabitəm, Durna!..
Mən bu gün bir yabançı, sən bir qız,
İştə son gün, xatırla, verdin söz.
İntixab et, önündə var iki yol:
Ya bu gün öl və ya ki, təslim ol!
– Andı qırmaq yaqışmayır türkə,
Kim bilir, mən alışqanam bəlkə.
Ona söz verdim öncə, son döndüm,
Eşqə yandım, sonunda həp söndüm.
Sənin eşqində bir zaman varkən,
İncə bir duyğu, incə bir məna.
Qantemir, indi sən nəsən, nəçisən?
Adi bir ər, qadınçı bir sima.
İkiillik öz iztirabımdan,
Anladım mən nədir dəyərli həyat.
Zövq alırkən bu göz yaşından mən,
Sən… nədir eşq, duymadın heyhat!
Boyun əymək bir ehtirasa fəqət,
Kiçikləşmək deyilmi, təsdiq et!
Bir zaman başqa bir ifadə ikən,
İndi, sən… bax, bu daş, bu torpaqsan.
Mən sənin eşqinin əsiriydim.
“Səni sevdim!” xatırla, mən demədim.
Doğru bir sevgi, bir gözəl sevda,
O, edilməz bir ehtirasa fəda.
Həp bu təhdid üçün səbəb nə imiş?
Eşqə qarşı ölüm böyükmü bir iş!
Mən sevirkən bir özgəsin gəldim,
Yeni bir eşqə bağlanıb, öldüm;
Mən yanıldımsa, fərq yox, hamı bir,
Sən yaratdın, yaşatdın, həp öldür.
İki şey səndə çırpınıb duruyor:
Biri eşqindir, o biri nəfsindir.
Ya tapın eşqə, yüksəlib mənim ol,
Mənsiz ol, ya da nəfsə təslim ol!
Məni əfsanələrlə doldurmaq,
Bir taqım boş xəyala uydurmaq
Bəlkə mümkün, fəqət nəhayətsiz
Dolaşıb, bir nəticə bəkləməmək
Heç də mümkün deyil; fəqət xoşdur
Hər əzabın soniylə əylənmək.
Ayrılıq, ağlamaq gözəldir, əvət,
Bir vüsalın ümidi olsa fəqət.
Həm də varlıq önümdə titrərkən.
Bu cəsarətlə çox keçinməzsən.
İki il bəklədim ki, son bir gün…
Həp bu gündür, əvət bu qanlı düyün.
– Qanlı, qansız əlimdəsən artıq;
Ya mənimsən, və ya ki, yoxsan, yox!
Qantemir gözlərində qan əsəri,
Yürümək istəyirdi həp iləri;
Durna ilk addımın onun görcək,
Baxdı bir kainata pək ürkək,
Sanki bir quş gələn görüb qaçacaq,
Sanki bir durna indicə uçacaq.
Yapının son kənarına çıxdı,
Bir də həsrətlə aləmə baxdı.
Gördü əvvəl bulunduğu bağca,
Yenə bir can sevən işıqlı gecə.
Baxıyor Durna göy geyimli düzə,
Baxıyor ta uzaq-uzaq dənizə;
Düşüyor könlünə keçən işlər,
Ax, sevimli, səfalı keçmişlər…
Gecə, göy bağçalar, yaşıl bağlar,
Sevdiyin bəkləyib duran çağlar,
Xatırından keçir çocuqluğu həp,
Anası, keçmiş evləri, məktəb.
Gəliyor fikrinə haman o gecə,
Həp nasıl da dayandığı ağaca.
Atası, ah, haman gecə atası,
Yada düşdükcə çırpınır nəfəsi.
İki il sonra sürdüyü dəmlər,
Qayğılar, duyğular, ağır qəmlər
Qarşısından birər keçir bunlar,
Gözü yox, ruhu büsbütün ağlar.
Düşünüb inadı həp bir sözlə,
Büsbütün məhv edib ata diləyin.
Xatırat, ox… Aman, aman, dəhşət!
Xatırat, ox… yaxıb tökür ürəyin.
Yenə ay göydə durmada sabit…
Yenə əvvəlki tək dəniz sakit.
Yenə də bir ufaq qayıq üzüyor,
Baxıyor, sanki son dönüş süzüyor,
Büsbütün, büsbütün unutmuş özün,
Baxıyor kainata pək dalğın.
Duraraq parlaq ayla üzbəüzə,
Baxıyor parlayan açıq dənizə.
Uyuyor, qarşısında bir uçurum,
Ah, bu parlaq suda nə dadlı ölüm!…
O zamandan ki, sevdiyin qovmuş,
O da kəndin bu Kaspidə boğmuş.
Neçin, Allah, neçin? Səbəb o… əvət!
Ah… nasıl qıydı da ona, dedi: “get!”
Neçin əhd etdi, bəs neçin qırdı,
Sevdiyin başqasıyçın öldürdü?
O, həyatın bir eşq üçün verdi;
O, igid, həm vəfalı bir ərdi.
Ondan ayrı dayanmayıb getdi;
Getdi, həp kainatı tərk etdi.
Qantemir atmaq istəyirdi qədəm,
Durna: – Ah, qorxma, sevdiyim, gəlirəm,
Eşq üçün ayrılıq, ölüm bir gün,
Məncə, ən dadlı bir xəyali düyün.
Bizə bir gün düyün yapar sonda
Ana Quzğun səfalı qoynunda.
Ah, uçun! Ah, əzablar yuvası…
Ah, bağışla, sevimli Qız qalası! –
Deyərək, saçla örtüyor üzünü,
Parlayan Kaspiyə atır özünü…
Geyimin oxşadıqca yel guya,
Axıyor göydə canlı bir xülya.
Uçuyor həp, nasıl da söyləməli,
Sanki bir şairin uçan əməli.
Axıyor sanki pənbə bir röya
Bir mələk, ya ki, canlı bir sevda
Axıyor sanki bir axan ulduz.
Bu uçan Durnadır, əvət, yalnız.
Sanki göydən yerə xəyal uçuyor,
Onu Quzğun dayanmadan qucuyor.
20
Yenə ay öz işıqların səpələr,
Yenə oynar dənizdə ağ ləpələr.
Yenə əvvəlki tək yerində qala;
Bircə kim yox! Aman, yazıq Durna!
21
Daim ondan sonra bu ev məhzun,
İndi ondan bu evciyəz küskün.
Dörd yanından onun sular qurumuş,
Yüksək evlər bütün onu bürümüş.
Dövrəsindən gurultular soyumaz,
O fəqət bunlara məhəl qoymaz.
Ta o çağdan o kəndi Durnacığın
Düşünüb durmada bu cür dalğın.
Ta o çağdan özün unutmuş o,
Başqalarçın çəkir fəqət qayğu.
Ta o çağdan o, bir peyğəmbərtək
Bəşərin halına yanıb acıyor.
Zirvəsində fənər, uçanlar üçün
Odlu bir ölkənin yolun açıyor.

DRAM ƏSƏRLƏRİ

SOLĞUN ÇİÇƏKLƏR

5 pərdəli dram

MƏCLİS ƏHLİ
Bəhram – Saranın əmisi oğlu
Sara – Bəhramın əmisi qızı, Gülnisənin qızlığı
Gülnisə – Saranın analığı
Pəri – Gülnisənin qızı
Əbdül – ev nökəri

BİRİNCİ PƏRDƏ

Məclis vaqe olur. Saranın varlı və Avropa qaydasilə bəzənmiş otağında. Sol küncdə kreslo, qabaqda miz, üzərində şamdanlar, kitab və qeyri, yanında bir neçə kürsü və bir tərəfdə üçayaq üstündə bir dibçəkdə zərif qırmızı çiçəklər, divarda Saranın rəsmi. Uzun bir kresloda Bəhram və Sara oturublar.
Bir qədər mütaliədən sonra.
Bəhram. Mən nə qədər fikir edirəmsə, Sara, bu əcaib hadisədən bir şey anlaya bilmirəm. Mənim əmim, əlindən yaxşılıqdan başqa bir şey gəlməyən, Allahın mömin və müqəddəs bir bəndəsi idi. Fəqirlərə yüz minlərlə ehsan edib, bütün şəhəri öz səxavət və mərhəmətinə mat etmişdi. Bir kəsə bir fənalıq etməmişdi. Belə bir adama zəhəri kim vermiş və nə qəsd ilə vermiş olduğunu anlamaq doğrudan da müşküldür.
Sara. Bəhram, görürəm, sən daima əminin fikrini edirsən. Daha iş olub-keçib və mən çox güman edirəm ki, bu səhvdən olan bir işdir. Zira mənim atamın bir düşməni ki yox idi.
Bəhram. Doğrudur, iş olub-keçib, amma sənin üçün qorxuram!
Sara. Mənim üçün nə qorxursan, atam qocalmışdı, onsuz da həyatına çox qalmamışdı. Atam ölübsə, sənin canın sağ olsun. İndi mənim ümidim bircə sənsən ki, səni sevəndən sonra bir şey nəzərimdən çıxıb, elə bilirəm ki, dünyada bir sənsən, bir də mən.
Bəhram. Doğrudur, Sara, ustad-xilqət səni mənim üçün və məni sənin üçün xəlq eləmişdir. Amma qorxuram ki, atana zəhər verən xain sənin də…Yox, yox, yox, səhv eləmişəm. Qorxma, mən gecə-gündüz pərvanə kimi dövrənə fırlanıb, sənə gələcək bəlaları sinəm ilə qarşılaram. Sənin xoşbəxtliyin mənim həyat və səadətim deməkdir.
Sara. Qorxursanmı ki, mənə də zəhər verərlər. Yox, vallah, sən səhv edirsən. Mənim atamın düşməni yoxdur, mən də ki, bir kəsə bir şey edəcək ürəyə malik deyiləm… Atam üçün qüssə edəcəyimdən qorxursansa, o da bicadır. Zira, sən mənim yanımdasan, səni sevirəm və dünyalar qədər dərdim olursa, səni görən kimi hamısını unuduram…
Bəhram. Ax, Sara! Bilirsənmi nə gözəldir dünyada sənin kimi bir gözəli sevmək və ona sevilmək! Sən insan deyilsən, bir hüsn mücəssəməsi, bir mələki-xoşətvar!
Sara. Odur ki, mən daima səninlə görüşəndə qorxuram, ələlxüsus bu vaxtlarda, zira, biz bir-birilə görüşəndə kənardan bir nəfər bizi seyr edərsə, hər ikimizin üzündə bir lövhəyi-məhəbbət, bir eşq qızartısı olduğunu aşkar anlar. Hərçənd biz bir günah iş görmürük, amma hər halda Gülnisə mənim analığımdır. Bir tərəfdən atamın ölməsindən mükəddər olmuş, bir də bizi məhəbbətlə şən görərsə, daha da mükəddər olacaq ki, guya atam ölən kimi mən tez məhəbbət bəsləməyə başladım. Daha o biçarə nə bilsin ki, biz çoxdan bir-birinə aşiqik.
Bəhram. Sara, qorxulacaq bir şey yoxdur, mən səni sevirəm, sən məni. Mən sənsiz yaşaya bilmərəm, sən mənsiz. Kimsə bizi bir-birindən ayıra bilməyəcək…
Sara. Ax, Bəhram! Nə vaxt görəsən bizim həyatımız birləşəcək. Mən hiss edirəm, daha bizim birləşmək zamanımızdır. Əhdimizin sərəncamı gərəkdir, vallah, daha səbir edə bilmirəm. Biz azdan sonra mən Pərini görüm və ona deyim ki, yavaş-yavaş Gülnisəyə desin. Pəri mənim ögey bacım isə də, mən onu min doğma bacıdan artıq sevirəm və o da bizim məhəbbətimizi bilir və zənn edirəm ki, Gülnisə də bizim məhəbbətimizə mane olmaz.
Bəhram (kənara). Gülnisə, Pəri, ögey ana və ögey bacı! Mənim bu hiyləgər insanlardan əsla gözüm su içmir. Onlar mənim yadıma düşəndə sanki gözümün önünə bir qara pərdə çəkilir və bir şey mənim ürəyimdə: – Qorx onlardan, qorx, qorx, – deyir. Sara, doğru deyirsən, birləşmək zamanımızdır. Ax, nə qədər xoşbəxtəm mən ki, sənin kimi bir gözəl sevib və bir iztirab ilə sənə dedikdə: “Mən də, əmioğlu səni sevirəm” – deyə, mənimlə əhd etdin.
Sara. Əlbət ki, ürək ürəyin parçasıdır. Amma heç çiçəklərim yadımda yoxdur. (Gözü dəyib qalxır, gedib onları öpür və sevir.)
Bəhram. Ax, nə qədər sevimli! Nə qədər xoşəxlaq!
Sara. Bəhram, görürsənmi mənim çiçəklərim nə qədər gözəldir! Vallah, bu çiçəkləri özümdən çox istəyirəm. Özüm əkmişəm, özüm bəsləmişəm. Dünyada sevdiyim şey bir sənsən, bir də bu çiçəklər. Nə gözəl də açılıb! Sənin belə gözəl çiçəyin varmı? (Bağrına basır.)
Bəhram. Var! Sənsən mənim gözəl çiçəyim! Bu çiçəklər onun üçün gözəldir ki, onları sənin kimi gözəl bəsləmiş və mənim səndən sevimli bir şeyim yoxdur!
Sara. Gedim su gətirim güllərimi sulayım. (Gedir. Bəhram bir qədər güllərə baxır.)
Bəhram. Amma Saranın çiçəkləri doğrudan da özü qədər gözəldir. Yəqin bunları məndən də çox istəyir. Yox, mənim yolumda hər bir şeyi fəda etməyə hazırdır. Ax çiçəklər, çiçəklər, nə qədər sizin o qırmızı yarpaqlarınızda mənim Saraya və Saranın mənə söylədiyi təranəyi-aşiqanə əks-əndaz olub.
Sara (gəlib su gətirir). Mən sağ ikən bu çiçəkləri belə təravətlə saxlayacağam. Vay o zamandan ki, bu çiçəklər soldu, o zaman ya mənim nəhayətimdir və yaxud mən dünyada yoxam! Əbdül əmi də bağçada güllərə su verir, seyr etməyə gedirsənmi?
Bəhram. Gedirəm, amma orada da gülləri deyil yalnız səni seyr edəcəyəm.
Sara. (gülüb çiçəkləri öpür və Bəhrama). Bəhram, sən də öp çiçəklərimi! Onlar iki aşiqin məhəbbətinə şahiddirlər.

Öpüb gedirlər, sonra Gülnisə daxil olur.
Gülnisə. Gedin! Çiçəklər şahid isə, mən də şahidəm! Necə sənin ananı vərəmlədib öldürdüm, ərini əlindən aldım; necə atanı zəhərləyib öldürdüm, malını əlindən aldım, elə də səni eləyib, sevdiyin Bəhrama öz doğma qızımı verəcəyəm və bütün atanın malları sənə, ögey bir qıza deyil, mənim doğma qızım Pəriyə qalacaq. Sadəlövh qız elə bilir ki, mən atasının ölümündən mükəddər olmuşam, daha demir ki, atasının dilindən qırx min manatlıq veksel düzəltmişdilər, o da, pullarım oğrulara qismət olmasın deyə, hər bir şeyini qəpiyinə qədər mənim adıma saldırıb, özü Məkkəyə getdi və gələndən sonra yarım manatlıq zəhərə fəda olub getdi. Pulunu nə üçün adıma saldırdığına yalnız iki nəfər axund şahiddir ki, onları da hələlik yoldan çıxara bilmirəm. İndi hər bir şey məndədir. Sara yazığın heç bir xəbəri yoxdur. İstəsəm bu saat hər ikisini evdən çıxarram, amma iş tədrici lazımdır. Yoxsa, Sara bir şey edə bilməz. Amma Bəhram kişi olduğundan gedib axtarar, tapar, başıma bəla gətirər. Ona görə əvvəl çalışıb Pərini Bəhrama verib, əl-qolunu bağlamaq lazımdır. Sonra Sara özü-özündən vərəmlənəcəyi təbiidir. Zira, o yalnız Bəhrama güvənir, onun üçün də yaşayır. İndi Pəri də Bəhramı sevir və eşqin mənə dedikdə, mən tapşırdım ki, nə cür istəyirsə, Bəhramı özünə cəlb etsin. Pəri hiylədə mənə oxşadığından, Bəhramı Saranın əlindən almağı bacarar. Ona kömək olmaq üçün mən də çalışmalıyam ki, Bəhram ilə Sara təklikdə görüşə bilməsinlər və Bəhram evə gələn kimi Pərini onun yanına göndərməliyəm ki, danışıb sevişsinlər. Mən bayaq içəri girirdim, amma Hacını kim zəhərləmiş söhbəti başlananda daxil olmağa cəsarət etmədim. Hər halda pullar məndədir, onunla hər şey etmək olar. (Çağırır.) Əbdül! Əbdül!
Əbdül (daxil olur). Bəli, xanım!
Gülnisə. Bu evləri yaxşı-yaxşı süpür, bu nədir?
Əbdül. Bağışlayın, xanım, güllərə su verirdim, indicə süpürərəm.
Gülnisə. Mənə bax, sənə tapşırıram, gərək Bəhram ilə Saranı tək oturub danışmağa qoymayasan, onları tək görən kimi tez bir bəhanə ilə gedib yanlarında dayan, işin olarsa, mənə xəbər elə, bildinmi? Əvəzində sənə bəxşiş verəcəyəm! Eşidirsənmi? Vay olsun sənin halına əgər…
Əbdül. Baş üstə, xanım, arxayın olun, dediklərinizin hamısını anlayıram.
Gülnisə. Çox gözəl! Sən idraklı olduğun üçün bilirdim ki, sözümü tez anlayacaqsan. (Gedir.)
Əbdül (tək evi düzəldir). Arvadın üzünə baxanda elə bil özündən gözəl, xeyirxah adam yoxdur. Amma bilsəydilər onun ürəyində nə var. Hacının birinci arvadı rəhmətlik elə bilirdin bu dünyanın adamı deyildir. Gülərüzlü, mərhəmətli, mənə öz qardaşı kimi baxardı. Amma Allah rəhmətinə gedib, hər bir cəhətdən özünə bənzər mələk xasiyyətli qızı Saranı və biz yazığı da saldı bu iblisin əlinə. Mən çoxdan bilirəm, Bəhram Saranı, o da Bəhramı istəyirlər. Pəri də Bəhramı istəyir. İndi bu istəyir ki, yazıq Sara üçün tor qurub, öz qızı Pərini Bəhrama versin. Vallahi, iki aşiqə mane olmaq heç insaf deyil. Can deyil Sara ki, elə mərhəmətli bir mələyə mane olub, o əcinnəyə, iblisə bənzər Pəriyə kömək eləyim və halonki, Sara məni öz atası kimi, mən də onu uşaqlıqdan bəri öz qızım kimi sevirəm.
Gülnisə (daxil olur). Əbdül, qurtardınmı?
Əbdül. Bəli, xanım. (Kənara.) Ey dünya üzünün iblisi, işi düşüb, görün necə həlim danışır?
Gülnisə. Bəhramı tap, söylə, xanım çağırır.
Əbdül. Baş üstə, xanım. (Gedir.)
Gülnisə. Tamah və bala məhəbbəti insanı hər bir şeyə vadar edər, hətta cinayətə! Nə eləyim! Bir yandan qızım Pəri onu gözləyir. Bir yandan işlərin üstünü örtmək lazımdır. İndi yavaş-yavaş Bəhramın qulağını doldurum. (Stol üstə Saranın açıq kitabına baxır.)

Bəhram məhzun daxil olur.
Gülnisə. Bəhram! Halın məğşuşdur, nə olub məgər, oğlum?
Bəhram. Heç, elə bir şey yoxdur.
Gülnisə. Bəhram! Əmin vəfat etdisə, Allah rəhmət eləsin, heç qəm yemə, onun yerində səni öz balasından çox istəyən əmin arvadı var.
Bəhram. Allah sizdən razı olsun əmigəlini!
Gülnisə. Mən səni əvvəldən özümə oğulluğa götürmüşəm və ümidvaram ki, sən də mənə oğul olmağa razı olub sözümdən çıxmazsan!
Bəhram. Əlbət ki, əmigəlini, siz elə mənim anam yerində və anamsınız!
Gülnisə. Vallah, öz qızımçın nə qədər fikir edirəmsə, sənin üçün də o qədər fikir edirəm! Dünən gecə yenə sənin fikrini eləyirdim ki, daha vaxtın yetişib, başını bir yerə yığasan! Allaha şükür, yaxşı dərsin, ağlın və əminin dövləti, onları da salaram sənin adına. Əmiqızının da barmağına bir üzük keçirərsən.
Bəhram. Əmigəlini, Saranınmı? Saranınmı barmağına üzük keçirim?
Gülnisə. Hər kimin olursa, onu sonradan sənə deyib məsləhətləşərik.
Bəhram (kənara). Yəqin Saranı deyir! Görünür, Pəri bizim halımızı ona deyib, ox, mən səhv edib bunu şübhəli görmüşəm, bunun kimi gözəl insan yoxmuş.

Pəri daxil olur.
Gülnisə. Gəl, qızım! Gəl otur, sənin də yavaş-yavaş ərə verilmək vaxtındır.
Bəhram. Doğrudur, doğrudur, mənim Sara ilə birləşməyimin zamanıdır.
Gülnisə. Niyə qızarırsan, əmin oğludur, kimsə yoxdur ki, utanırsan, yalanmı deyirəm?
Bəhram. Eybi yoxdur, əmigəlini, mən də sizin oğlunuz, hər nə hökm edərsiniz, mən hazıram.
Gülnisə. Çox gözəl!

Əbdül daxil olur.
Əbdül. Xanım, dünən çağırtdırdığınız axund Fərəculla gəlib.
Gülnisə. Yaxşı, gəlirəm. (Durur ayağa.)
Bəhram. Mən də gedim sizinlə bərabər, deyilmi? (Durur.)
Gülnisə. İstəməz, siz oturub söhbət edin, mən də indi gələrəm. İstər isən otağa müşayiət edəcək qədər gəl də, sonra qayıdarsan. (Gedir.)
Bəhram. Yəqin, mənimlə Saranın barəsində danışacaq, onun üçün məndən gizli danışır. (Gedir.)
Pəri (tək). Bəli, mən ərə gedəcəyəm, belə gözəl bir oğlana, başqasına yox.
Sara (daxil olur). Pəri, sən buradasan? Gedək bağçaya, belə yaxşı havadır ki, insanın ruhu uçur. Bəhramı anam çağırtdırdı, mən tək qalmışam. (Onu qucaqlayır.)
Pəri. Sara, mən bir az naxoşam, sən get, mən getməyəcəyəm. Bəhram ilə danışdın?
Sara. Ax, bacı! Sən bilmirsənmi ki, mən onunla nə danışacağam, amma, sən allah, bacı, sən də əlindən gələn qədər öz bacının xoşbəxt olması üçün çalış. Gedək, Pəri, bağçaya, çiçəklərimi də aparıb açıq havada qoyum, bir az canlansın.
Pəri. Vallah, mənim başım ağrıyır, sən gedirsən, get, olur ki, mən də gələrəm.
Sara (gülləri götürür). Yaxşı, gələndə Bəhramı da özünlə gətir. (Gedir.)
Pəri. Get! Bacın sənin xoşbəxtliyin üçün çalışacaq. Bəhramı sənə verəcək: xa-xa-xa… Çalışacağam! Çox gözəl, çalışacağam ki, Bəhram mənim olsun.

Bəhram daxil olur.
Pəri. Görürsünüzmü, Bəhram, anam mənə nə deyir. Vallah elə utandım ki, deyir ərə getmək zamanıdır. (Kənara.) Ox, belə bir gözəl oğlandan əl çəkmək olarmı?
Bəhram. Doğru deyir! Əlbəttə ki, ana öz övladının fikrini hamıdan artıq çəkir.
Pəri. Bilirəm. Fəqət ərə getmək asanmı? Yox, mən ərə getməyəcəyəm.
Bəhram. Gedəcəksən, gedəcəksən! Hənuz səbir elə.
Pəri. Bəhram! Gül dövrəsini tikanlar bürüdüyü bir halda, bülbül ona yanaşa bilərmi?
Bəhram. Necə? Necə dedin, anlamadım?
Pəri. Deyirəm, bir ayı şam üzərini pəncəsilə örtəndə, pərvanələr şam üzərinə gələ bilərmi?
Bəhram. Nə demək istəyirsən? Yenə anlamadım.
Pəri. Niyə bilmirsən, deyirəm biyabanda vəhşi bir səyyad olarsa, ahular azad biyabanı gəzə bilərmi?
Bəhram. Yenə anlamadım.
Pəri. Elə isə qoy aşkara deyim: Yusif zindan zülmətin qəbul edərsə, biçarə Züleyxa eşqinə ümid edə bilərmi? İndi düşündün? (Sükut.) Niyə danışmırsan?
Bəhram. Vallah, mən heç bilmirəm sən nə danışırsan!
Pəri. Bəhram, necə mən ərə gedim! Mən bir kəsə gedə bilmərəm. Zira, bilirsənmi ərə getmək üçün nə lazımdır? Mənim kimi bir qız sənin kimi bir oğlanı sevməsə, ərə getməz, deyilmi?
Bəhram. Əlbət ki, belədir. Fəqət istədiyini sevə də bilərsən!
Pəri. Amma kimi sevmək istərəmsə, məni alarmı?
Bəhram. Təbii alar, zira, pulunuz, gözəlliyiniz, əlbət ki, alar.
Pəri. Elə isə səni sevirəm! Məni alarsanmı?
Bəhram. Mənimi? Mənimi? Sənmi?
Pəri. Bəli, səni! Mən səni istəyirəm! Səni sevirəm.
Bəhram. O! Yox! Çəkil, çəkil məndən! Uzaqlaş! Mən Saraya aşiqəm, o da çoxdan mənə aşiqdir. Biz əhd etmişik! Sən bilmirsənmi? Məhəbbətdən danışdığın bir halda, məhəbbətin nə olduğunu bilmirsənmi? İllərlə yanan bir məhəbbət şamını söndürməkmi istəyirsən? Yox? Yox? Məni ancaq Sara sevə bilər, mən də ancaq onu ala bilərəm.
Pəri. Bəhram! Çığırma! Sən nə cür istəyirsən istə, fəqət ola bilər ki, qəza sən istəyəni istəməsin, başqa cür istəsin. Zor ilə, çığırtı iləmi qəzanı qaytaracaqsan? Onu da bil ki, təqdiri-qəza, qüvvəti-bazu[4 - Qol qüvvəti, güc.] ilə dönməz! Söylədiyin, illər ilə yanan şamı şiddətli bir rüzgar əsər isə, söndürər. Heç hiddətlənmə, Bəhram!
Bəhram. Səhv edirsiniz! Yüz min dəfə səhv edirsiniz! Rüzgar ancaq piydən qayrılmış şamları söndürə bilər. Fəqət məhəbbət şamını, ruhani bir şamı söndürə bilməz. “Bir şəm ki, haqdan yana, heç bad ilə sönməz”. At, at başından o xəyalları, çıxar qəlbindən o xülyaları. Bütün kainat cilvələnib fələklər sərnigün olsa da, mən səni almaram və ala bilmərəm: əmin ol!
Pəri. Bəhram, çığırma! Sən ki, uşaq deyilsən! Mən də sənin üçün uşaq deyiləm ki, mənim üstümə qışqırırsan. Onu yaxşı bil ki, sən bu evdə xidmətçi kimi bir şeysən. Bu cür sənin qışqırmağın mənə bicadır, əqlini cəm et.
Bəhram. Əcəba, mən öz əmimin evində xidmətçiyəmmi? Yox, yenə səhv edirsiniz, mən xidmətçi deyiləm, mən əmim qızının pasibanıyam.
Pəri. Sənin əminin evidir, mənim atamın! Bu evləri heç kəs sənə tapşırmamışdır. Səni də tanıyıram, özümü də tanıyıram, Saranı da. Sən Saranı almayacaqsan, zira, sənə səni sevən adam gərəkdir, nəinki başqaları! Sara sənə qalmayacaq. Amma axırda sənə qalan, sənin dərdinə yanan yenə mən olacağam, Bəhram!
Bəhram. Çəkil! Uzaqlaş məndən! Bir dəfə sənə dedim ki, günbədi-səmavi[5 - Göyün qübbəsi.] təzəlzül edib kürreyi-ərz toqquşsa da, yalın qılınclar quru sümüklərimə çarpıb iniltisi dağlarda əks-səda olsa da, bütün dünya qaranlıq bir məzarıstana dönüb bəşəriyyət məhv olaraq yer üzündə bir sən və bir də mən qalsam da, yenə Saranın qəbrini qucaqlayıb orada ölərəm. Amma öz bacısının məhəbbətinə xəyanət edən bir qızı almaram…

Pərdə

İKİNCİ PƏRDƏ

Vaqe olur Bəhramın otağında. Otaq çox müzəyyən deyilsə də, fəqət kürsü, miz, krovat və qeyri mövcuddur. Sara fikirdə; bir azdan sonra başını yavaş-yavaş qaldırır.
Sara. Ey rüzgar, səndən nələr gözləmək olmaz! Bu ev mənim atamın, mən bu evdə xanım olduğum halda, sonradan gəlmiş bir arvadın qızı: – Səni bu evdə bir qulluqçu kimi saxlamışıq, – deyir. Necə olubsa, bilmirəm. Fəqət məlum olur ki, hər bir şey Gülnisənin adına imiş. Atamın heç bir şeyi yox imiş. (Sükut) Ah! Nə əcəb Bəhram belə gec gəldi. Nə vaxtdır gözləyirəm ki, dərdimi ona deyim. Mənim ki, ondan başqa bir köməyim yoxdur. Gülnisə deyir sənin üçün elçi gəlib, səni ərə vermişəm, getməzsən, səni maldan məhrum edərəm. Eyvah! Bəs Bəhram, bəs Bəhrama verdiyim sözlər. Bir dövlət üçün mən əmim oğlunu ata biləcəyəmmi? Yox! Yox! Mənim Bəhramdan başqa bir xeyirxahım yoxdur. O məni tutmuş, mən də onu tutmalıyam. O, ac qalarsa, mən də ac qalaram. Yox, istəmirəm o dövləti ki, məni Bəhramdan ayıracaq. Ax, niyə bu Bəhram gəlib çıxmadı? (Ayağa durur.) Bəlkə başına bir qəziyyə gəldi.

Bəhram daxil olur.
Bəhram. Xoş gördük, əmiqızı, yəqin məni çox gözləmişsiniz?
Sara. Niyə belə gec gəldin? Bilmirsənmi ki, əmin qızı sənsiz darıxır. Həm də intizar qalmışdım.
Bəhram. Bağışla, Sara, axund Fərəcullanın yanına getmişdim ki, ondan bəzi məlumatlar alım. Belə məlum olur ki, veksel vərəqəsi doğru imiş. Amma çifayda ki, qanun ilə bir şey eləmək olmaz. Dörd milyona qədər puldur. Məhkəməyə düşərsə, iki axundun şəhadətinə inanarlarmı? Və ondan əlavə, axundlar ömürlərində məhkəmə görmədiklərindən, məhkəmədə şəhadət etməkdən qəti surətdə imtina edirlər.
Sara. Bilirsənmi, Bəhram, mal bəhəməhal, heç olmasa da mənim üçün təfavüt etmir. Lakin bilirsənmi, Gülnisə mənə ərə getməyi təklif edir. Amma sənə yox, bir qeyrisinə.
Bəhram. Mənə də evlənməyi təklif edirlər, amma sənə yox, bir qeyrisinə.
Sara. Bəhram, belə də zülm olar? Mənə deyirlər ki, guya bu evdə qulluqçu kimi saxlanmışam…
Bəhram. Bəli! Sara! Mənə də nökər deyirlər, haqları da var. Zira, hər şey Gülnisənin adınadır.
Sara. Mənə təklif edirlər ki, milyoner Hüseyn Ağanın oğluna gedim, zira Bəhram yoxsuldur, deyirlər.
Bəhram. Mənə də təklif edirlər ki, Pərini alım.

Saranın üzü dəyişir.
Sara. Kimi? Pərinimi? Pərini?
Bəhram. Bəli, Pərini alım, yoxsa bu evdən çıxım. İndi bilmirəm nə eləyim.
Sara. Bəhram! Əmioğlu, özün bilirsən ki, mənim dünyada bir kimsəm yoxdur. Mən yalnız sənin vücudunla fəxr edirəm. İndi hər nə cür edərsənsə, mən də sənə tabe olmağa hazıram. Bəhram! Bilirəm indi sənin heç bir şeyin yoxdur. Unutma, mən günlərlə ac qalmağa da hazıram. Hərgah səni bu evdən qovmaqla təhdid edirlərsə, eybi yoxdur. Sən ac, mən də ac, gedək bir guşeyi-xəlvətdə əl-ələ verib işləyək, yaşayaq. Səadət pulda deyil, mənim səadətim səninlə olmaqdadır.
Bəhram. Doğru deyirsən, əmiqızı! Maldan əlin çıxarsa, canın sağ olsun. Onlar səni atdılarsa, mən varam. Sən mənim şəmimsən və mən pərvanə kimi daima dövrəndə fırlanmağa hazıram.
Sara. Ah, əmioğlu, vallah, sənin məhəbbətin və sən olmasan, mən bir dəqiqə dünyada qala bilmərəm. Mən ancaq sənin üçün yaşayıram.
Əbdül (daxil olur). Ay Sara xanım! Yavaş danışın, Gülnisə yan otaqdadır. (Çıxır.)
Sara. Bəhram! Sən bilirsən ki, mən bir ürəyiaçıq, sadəlövh adamam, amma bunların bu hərəkətini görəndə bədgüman oluram ki, bəlkə atamı da Gülnisə zəhərləmişdir ki, pulları özünə götürüb, Pərini də sənə versin.
Bəhram. Mən də bir qədər şübhə edirəm, ancaq bir az səbir etmək lazımdır. Qəm çəkmə. Sara, sən dur get, rahat yat, Allah kərimdir. (Sara durur.)
Sara. Sağ ol, Bəhram, Allah səni mənə çox görməsin, məni köməksiz qoymasın. (Sara gedir.)
Bəhram (tək). Ox, belə də xəyanət olarmı? İndi nə etmək? Milyonlarla pulları iki nəfər arvad əlimizdən alıb bizi evdən qovsunmu? Evdən çıxıb xidmət edərsəm, çox alacağam 40-50 manat, bununla bizə nə olacaq. Yox, burada bir iş var ki, bir növ ilə pulları əldə etmək üçün Pəri ilə yavuqlaşım, sonra yenə əvvəlki halında bərqəraram. Madam ki, bütün insanlar məkr və təzvir ilə öz məqsədlərinə yetişirlər, nə səbəbə mən hiylə qarşısında hiylə işlətməyim. Belə də olmalı. Bu gündən Pəriyə yavuqlaşmalıyam. Hələ bir neçə gündür ki, bir qədər yumşaq dolanıram. Demək ki, belə də olacaqdır (sükut). Ey dili-qafil, qız ki var, maqnit kimi bir şeydir. Yavuqlaşdıqca insanı cəzb edir; və nəhayət, ola bilər ki, bədbəxt əmim qızını tamamilə unudum. Qız ki var, atəş kimi bir şeydir. Yavuqlaşdıqca insanı yandırır. O… Yox! Mən özümü onu sevir kimi göstərərəm. Fəqət daima yadımda saxlaram ki, Saranı sevirəm və ona kömək üçün bu vasitəyə müraciət etmişəm.

Pəri daxil olur.
Pəri (kənara). Ax, bir Bəhramı özümə cəlb edə bilsəydim, daha qəmim olmazdı. (Bəhrama) Bəhram! Halın necədir, əzizim, yenə fikir edirsən?
Bəhram. Bəli! Fikir edirəm, necə olsun, qəzaya məğlub olmayım.
Pəri. Qəza səni sıxıntı altına aldığını hiss edirsənmi?
Bəhram. Bəli, qəzaya məğlub olmaq istəyirəm. Fəqət qəzanın sıxıntısından deyil, peşman olmuş ürəyimin və yaxud azmış olduğunu dərk edən həyatımın sıxıntısından.
Pəri. Bəhram! Saranın gözəlliyinə aldanırsansa, sənə divanə deməzlərmi? Bax, mən Saradan gözəl deyiləmmi və əlavə…
Bəhram. Pəri! Qızlarda vəfa olmaz. Ələlxüsus zəngin qızlarında. Mən bir dəfə ürəyimi bir tərəfə çevirmişdim, döndərdim. Qorxuram digər bir tərəfə çevirərəmsə, bir bivəfalığa təsadüf edib ürəyimi çevirə bilməyəm və çevirməyə səy edərəmsə, əbədilik sındıram.
Pəri. Bax, bir neçə gün bundan əvvəl sən özün dedin ki: “Bir şəm ki, haqdan yana, heç bad ilə sönməz”. Mən onu etiraf edirəm, fəqət sən o şəmin nə tərəfə yandığında və kimin üçün yandığında səhv etmişsən.
Bəhram (kənara). Nə şirin nəğmələr ilə məni məst etmək istəyir.
Pəri. Ox, Bəhram, bilirəm indi sən məni qınayacaqsan ki, gərək oğlan qıza aşiq olsun, nəinki qız oğlana. Amma bilirsənmi ki, sən nə qədər gözəl və cazibədarsan! Hərgah səni bir yabançı görərsə, bir insan adı ilə deyil, mütləqa bir mələk adı ilə çağıracaq.
Bəhram. Qondarmalarına[6 - Komplimеnt mənasında işlənmişdir.] müqabil təşəkkürlər edirəm, Pəri!
Pəri. O! Yox, mən qondarmıram! Hər səni görən insan birinci baxışda söyləyəcək ki, nəqqaşi-təbiət öz məharətini büruzə vermək üçün illərcə çalışıb bir gözəl vücud yetirib ki, o da Bəhramdır.
Bəhram. Mənim adımla özünü təsvir edirsən, zənn edirəm.
Pəri. Zənnində səhv edirsən! Zira, mən dediyim kimi və sən zənn etdiyin kimi olsaydım, sən mənim məhəbbətimdə iştirak etmiş olardın.
Bəhram. Cəsarət etmirəm.
Pəri. Sevəcək adam qorxmaz.
Bəhram. Qorxuram, fəqət kimsədən yox, səndən!
Pəri. Mən ki, sənə məhəbbətimi aşkar söyləyirəm. Daha nə tərəddüd! (Kənara.) Ax, deyəsən Bəhramın ürəyi bir neçə gündür mənə tərəf dönmüş.
Bəhram. Doğrudur, aşkar deyirsən. Amma qadın ürəyi bir ildırıma bənzər. İnsanlar heç vaxt ildırıma güvənməzlər, zira ziyası sabit deyil, bir saniyədə bütün cahanı işıqlandırıb, yenə tez sönər. Elə də qadınlar ürəyində məhəbbət sabit olmaz.
Pəri. Doğru deyildir. Sən bir dəfə, Saradan əl çəkdim, səni sevirəm kəlməsini mənə söyləsən, mənim həyatım illər uzunu sənə tapşırılmış olar. Təkrar edirəm: dediyinlə xəta edirsən.
Bəhram. Mən, mən, mən Saradan əl çəkib səni istəyirəm.
Pəri (özünü Bəhramın qucağına yıxır). Ax, nə qədər indi özümü xoşbəxt hiss edirəm! (Kənara) Bir növ ilə Saranı da bu evdən çıxara bilsəydim, onda daha rahat olardım. Budur, indi mən özümü tamamilə sənin ixtiyarına verirəm. Bəhram, doğru deyirsənsə, öp, öp məni! (Bəhram çəkilir.)
Bəhram. Yox, yox! Mənim səni öpməyə şərən ixtiyarım yoxdur.
Pəri. Özün məktəb görmüş cavansan, məhəbbət səhnəsində ülviyyət dolaşarmı? Mən sənə ixtiyar verirəm. (Bəhram çəkilir.)
Bəhram. Ah, özümü nə təhlükəli bir dolaba saldım. Danışdıqca sanki bir qüvvə məni ona doğru cəzb edir. Şeytanlarmı mənim ürəyimdə qüvvətlənib məni bədbəxt, köməksiz Saraya xəyanət etməyə təşviq edirlər? O! Yox! Unutmamışam! Mən Saranı sevirəm!
Pəri. Bəhram! Nə qaçırsan? Bu gündən sonra mən özümü sənin ixtiyarına verdiyim kimi, sən də özünü mənim ixtiyarıma verməlisən. Vaxta ki sən məni sevdiyini söylədin, o halda mən sənə ixtiyar verirəm, öp!
Bəhram (kənara). Sən ixtiyar verirsən! Bəs Sara! Bəs o insan cildinə girmiş mələk! Bəs Saraya verdiyim sözlər! Pəri, mən nə qədər səni sevirəmsə, mən nə qədər Avropa həyatına bələdəmsə də, fəqət adət və ənənati-qövmiyyəmi itirəcək qədər özümü itirməmişəm.
Pəri. Məhəbbətin qanun zəncirindən mübərra[7 - Azad, uzaq mənasında işlənmişdir.] olduğunu bilmirsən?
Bəhram. Mən onu insaniyyətdən də uzaq bilirəm.
Pəri. Məhəbbət insaniyyət özü deməkdir, zənn edirəm.
Bəhram. Fəqət insaniyyət xəyanət demək deyil.
Pəri. Elə isə, mən sizi öpüm…
Bəhram. Qanun qarşısında bütün bəşəriyyət bərabər olmalıdır.
Pəri. Eybi yoxdur, Bəhram! Fəqət sən ki, məni sevirsən, ona qarşı sübut olaraq səndən bir dilək diləyəcəyəm.
Bəhram. Həmin müamilədə mən bulunmaq istərdim.
Pəri. İzn verərsənmi ki, Saranı bu evdən başqa bir evə köçürək?
Bəhram. Ox… Mən qorxulu bir lətifəyə başladım. Deyəsən, həyatım mənə xəyanət etmək istəyir. Yox, mənim ürəyimdə başqa dürlü hisslər oyanır və get-gedə qüvvətlənir. (Fikrə gedir.)
Pəri (kənara). Bilirəm, Bəhram məni puldan ötrü istəyir. Amma ürəyi zəifdir. Tədriclə onu özümə tərəf çəkərsəm, öz məqsədini itirib doğrudan da məni sevər. Hələlik səbir etmək lazımdır. Bəli, yavaş-yavaş tora ilişib çapalarsan (ona). Şuxluq edirəm, Bəhram, Sara harada olursa, bizə mane ola bilməyəcək. Zira, sən daha məni sevirsən, deyilmi?
Bəhram. Ox! Sənin sualını tamamilə unutmuşam. Bir növ başım ağrıyır. Gözlərim də qaralan kimi olur.
Pəri. Doktor çağırtdırımmı?
Bəhram. İstəməz! İstəməz! Tez keçər, zənn edirəm.
Pəri. Elə isə, mən gedim, sən bir az rahat ol. (Pəri özünü əzərək, ikiəlli Bəhrama əl verir. Bəhram diqqətlə onun simasına və gedəndə arxadan baxır.) Hələlik xudahafiz, sevgilim, salamatlığınızı Allahdan dilərəm. (Gedir.)
Bəhram. Sanki bir neçə ildə üzünə baxmaq istəmədiyim Pəri deyil, bir qüvveyi-cazibə kəsb etmişdir. Doğrudan da nə qədər siması gözəlləşmiş, nə qədər əxlaqı həlimləşmiş! Həqiqətən sevilməyə layiq bir qız olmuşdur. Danışdıqca insanın ürəyini əzir, oxşayır. Sanki bir şey mənə ürəyimdən: – Əhd əsiri olma, insan hürr yaranıb və daimi surətdə hürr olmalıdır, – deyir (sükut). O! Yox! Nə qədər Pərinin üzü gözəlləşmişsə də, Saranın məhzun çöhrəsindən gözəl deyildir! Bəhram, nə edirsən? İllərcə bəslədiyin məhəbbəti iki kəlmə şirin sözə, yaxud havavü-həvəsəmi satmaq istəyirsən? Namərd! Bilmirsənmi ki, bədbəxt Sara özünü sənsiz həlak edər. Onun ki, bircə ümidi sənədir. (Sükut.) Əmimin vaxtında mən yoldaşlarımın arasında milyoner balası idim. İndi əlli manata xidmət edərsəm, mənə gülməzlərmi? Sara gözəldir, sevimlidir. Fəqət nə etməli ki, yoxsuldur. Saranı tutub bütün həyatımı üsrətlə keçirim? Və halonki Pərini alarsam, milyonlar arasında bəxtiyar üzəcəyəm və özü də bu gün məni elə cəzb etmişdi ki, heç ayrılmaq istəmirdim.

Gülnisə daxil olur.
Gülnisə. Oğlum, Bəhram! Xəstəsənmi! Bu saat sənin üçün həkim gətirtdirim.
Bəhram. İstəməz, əmigəlini, doktora ehtiyac yoxdur.
Gülnisə. Darıxırsansa, Pərini göndərim yanında oturub sənə həmsöhbət olsun.
Bəhram (kənara). Bu gün ürəyimdə bir hiss oyanmış ki, daima Pərini görmək istəyirəm. Fəqət qorxuram ki, tamamilə… yox, zəhmət verməyin. (Gülnisə gedir.)

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68336791) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Minnətdar, borclu.

2
Gəmi.

3
“Babayi-Əmir” jurnalında felyetоnları nəşr оlunan C.Cabbarlının təxəllüslərindən biridir.

4
Qol qüvvəti, güc.

5
Göyün qübbəsi.

6
Komplimеnt mənasında işlənmişdir.

7
Azad, uzaq mənasında işlənmişdir.
Mən bir susmaz duyğuyam ki… Джафар Джаббарлы
Mən bir susmaz duyğuyam ki…

Джафар Джаббарлы

Тип: электронная книга

Жанр: Стихи и поэзия

Язык: на азербайджанском языке

Издательство: JekaPrint

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Mən bir susmaz duyğuyam ki…, электронная книга автора Джафар Джаббарлы на азербайджанском языке, в жанре стихи и поэзия

  • Добавить отзыв