Bizim gözəl dilimiz

Bizim gözəl dilimiz
Eldar Məmmədov
Eldar Məmmədov 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası bölməsini bitirdikdən sonra 12 il Misirdə, Əlcəzairdə, İraqda, habelə keçmiş SSRİ-nin bir sıra hərbi tədris mərkəzlərində ərəbcə-rusca hərbi tərcüməçi, AzərTAc-da tərcüməçi-redaktor işləmişdir. Azərbaycan ədəbi dili, bəzi lüğətlər, hərbi terminlərimiz və s. haqqında respublika mətbu-atında dərc edilmiş yazılardan ibarət olan bu kitabdakı rəy və təkliflərin gənc tərcüməçilərə, ümumiyyətlə redaktorlara, jurnalistlərə və dilimizin tədrisini özünə peşə seçənlərə böyük köməyi dəyə bilər. Kitabdakı təkliflər müəllifin şəxsi rəyidir.

Eldar Məmmədov
Bizim gözəl dilimiz

TƏRCÜMƏNİN ƏZABLI YOLLARINDA
Ömrümün bu çağında keçdiyim həyat yoluna nəzər salanda qəribə hisslər keçirirəm. Çox çətinliklərlə qarşılaşmışam. Başladığım hər hansı bir iş heç vaxt ilk dəfədən baş tutmayıb. Harada işləmişəmsə, mənim də bir gün bəxtimin gətirəcəyinə ümid bağlamışam. “Bəxtimin gətirəcəyini” deyəndə nəyi nəzərdə tutduğumu özüm də təsəvvür etmirdim. 15 il hərbi xidmətdə olmuşam. Bunun 3 ilini əsgər kimi xidmət etmişəm. 12 il isə hərbi tərtüməçi işləmişəm. Harada işləmişəmsə, müdiriyyət və kollektiv mənim işimdən heç vaxt narazı qalmayıb. Lap əvvəldən başlasam, daha yaxşıdır.
1958-ci ildə Ağstafa rayonunun Köçəsgər kəndində orta məktəbi bitirdikdən sonra sənədlərimi Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb dili bölməsinə vermək üçün Bakıya gəldim. İmtahanlardan yüksək qiymətlər ala bilmədim. Kəndə qayıtdım. 1959-cu ildə yenidən həmin məqsədlə Bakıya gəldim. Lakin bu dəfə hərbi çağırış vərəqəm olmadığına görə sənədlərimi ADU-ya qəbul etmədilər. Hər hansı başqa bir ali məktəbə isə daxil olmaq istəmirdim. Payızda isə əsgər apardılar.
Xidmət etdiyim hərbi hissə Xarkov şəhərindən təqribən 60 kilometr cənubda yerləşirdi. Səkkizaylıq serjant kurslarını başa çatdırdıqdan sonra məni səyyar elektrik stansiyası manqasına komandir təyin etdilər. Manqada cəmisi 6 nəfər əsgər var idi. Onun əsas əsas vəzifəsi isə ümumqoşun təlimləri keçiriləndə hərbi səhra və səyyar qospitalları elektrik enerjisi ilə təmin etməkdən ibarət idi. Belə hərbi təlimlərin birində nahar yeməyindən sonra birsaatlıq fasilə elan edilmişdi. Elektrik mühərrikini və başqa avadanlığı daşıyan QAZ-51 markalı yük avto-mobilini meşənin kənarında böyük bir ağacın altında dayandırıb istirahət edirdik. Sürücü isə həmyerlilərinin yanına getmişdi. Mən kürəyimi arxa tərəfdən maşının dal təkərinə söykəmişdim. Əsgərlərdən bir neçəsi isə maşının altında uzanmışdı. Hava isti olduğundan hamı-mız yuxuya getmişdik. Birdən maşın irəli hərəkət etdi və mən arxası üstə yıxıldım. Əsgərlər də oyandılar. Heç kəsə xətər yetirilməmişdi. Sürücünün dediyinə görə, o, qayıdanda görür ki, maşın artıq günün altındadır. Maşını kölgəyə çəkmək üçün onu irəli sürür. Sonralar etiraf etdi ki, o, əvvəlcə maşını geri sürmək istəyib. Lakin arxada cavan bir ağacı basıb sındırmalı imiş. Ağaca heyifi gəlib və maşını irəli sürüb. Əgər o, maşını arxaya sürsəydi, bəlkə də əsgərlərə heç nə olmazdı, amma kürəyimi söykədiyim təkər hökmən mənim üstümdən keçməli idi. Bir təsadüf üzündən sağ qalmışdım…
Hərbi xidmətin ikinci ilindən etibarən hissəmizin həyatından rusca məqalələr yazıb Kiyev hərbi dairəsinin qəzetinə göndərirdim. Dərc edirdilər. Hələ qonorar da göndərirdilər…
Üçillik hərbi xidmətin axırlarında – 1962-ci ilin iyun ayının əvvəlində Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb dili bölməsinə daxil olmaq üçün sənədlərimi poçt vasitəsilə hərbi hissədən Bakıya göndərmişdim. Hissəmizdə ali məktəblərə daxil olmaq istəyənlər üçün altıaylıq kurslar təşkil etmişdilər. Axşamlar yaxınlıqdakı kənd məktəbindən müəllimlər gəlib bizi ayrı-ayrı fənlər üzrə imtahanlara hazırlaşdırırdılar. Artıq iyul ayının ortalarında hərbi hissədən sənədlərini ali məktəblərə göndərənlərin hamısını imtahan verməyə dəvət etmişdilər. Təkcə mən qalmışdım. İki gündən bir gedib yaxınlıqdakı Merefa şəhərindən Bakıya – qəbul komissiyasına teleqram vururdum ki, mənim sənədlərimi qəbul edibsinizsə, mənə rəsmən dəvət göndərin. Lakin heç bir cavab gəlmirdi. Heç bilmirdim, nə edim. Bir nəfər məni başa saldı ki, sən ikitərəfli teleqram göndər, yəqin qəbul komissiyasının sənə göndəriləcək teleqramın dəyərini ödəməyə pulu yoxdur. Elə də etdim, səhərisi gün teleqram aldım: “İmtahan verməyə gələ bilərsən.” Məhz həmin teleqrama əsasən Bakıya getməyimə icazə verdilər. İmtahanların başlamasına isə iki gün qalmışdı.
Avqust ayının 1-də Bakı dəmiryol vağzalına çatdım. Əsgər paltarında ADU-nun qəbul komissiyasına – indiki iqtisad universitetinin binasına gəldim. 3-4 il bundan əvvəl qəbul komissiyası burada yerləşirdi. Heç bir qələbəlik görmədim. Dedilər ki, indi qəbul komissiyası Nizami küçəsindəki 49 nömrəli binada yerləşir. Üz tutdum həmin ünvana. Oraya çatanda qəbul komissiyasının katibinin mənim adımı və familiyamı qışqırdığını eşidib yaxınlaşdım. Katib məni möhkəm məzəmmətlədi ki, niyə vaxtında gəlib imtahan vərəqini götürməmisən… İmtahanları bir-bir verirdim. Kəndimizdən ötrü burnumun ucu göynəyirdi. Axırıncı imtahana dörd gün qalırdı. Qatara minib kəndi-mizə getdim. İki gün qalıb qayıtdım. Axırıncı imtahanı da verdim. Bir neçə gündən sonra adımı qəbul edilənlərin siyahısında görüb çox sevindim. Əsgərlikdən gəldiyim üçün mənə yataqxanada yer də verdilər.
Qrupumuzda 9 nəfər tələbə vardı. Mən də daxil olmaqla 3 nəfər hərbi xidmətdən qayıdanlar idi. Bir neçə nəfər birinci kursdan sonra başqa fakültələrə keçdilər. Axırıncı kursda isə müxtəlif səbəblər üzündən kursda qalanlar bizim qrupa qoşuldular. Hamımız yaxşı oxuyurduq. 4-cü kursda Zahid Hüseynovu Bağdad universitetinə, 5-ci kursda isə Rza Xəlilovu Qahirə universitetinə staj keçməyə göndərdilər. Mən isə Yəmənə getməliydim. Lakin bu ölkə ilə SSRİ arasında münasibətlərin gərginləşdiyinə görə səfər baş tutmadı.
1967-ci ildə universitetdə təhsili başa vurdum. Mənim təyinatımı Naxçıvana verdilər. Həmin vaxt ailəmiz artıq beş il idi ki, orada yaşayırdı. Atam müharibə əlili idi, pensiyası da çox deyildi. Məndən başqa altı bacı-qardaşım məktəb yaşında idilər. Lakin Naxçıvanda mənə iş vermədilər. Dedilər ki, boş yerimiz yoxdur. Xahiş etdim ki, dağ kəndlərindən birinə göndərin, Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyərəm, atama kömək lazımdır. Dedilər ki, sənin diplomunda birinci yerdə “ərəb dili müəllimi” yazılıb. Bizdə ərəb dili heç bir məktəbdə tədris edilmir. Məni işlə təmin etməyib Bakıya – Maarif Nazirliyinə qaytardılar.
Nazirin qəbuluna düşmək üçün iki ay vaxt itirdim. Qəbulda nazirdən xahiş etdim ki, məni başqa bir rayona göndərsin. Dedi ki, bizim xərc çəkib məzunu yalnız bir dəfə təyinatla iş yerinə göndərməyə haqqımız vardır. Orta Asiya respublikalarından birinə göndərməsini xahiş etdim. Nazir əsəbiləşdi: “Səni başqa respublikaya gön-dərməyə bizim səlahiyyətimiz çatmır. Sənə azad təyinat verirəm, get, özünə iş axtar…”
Bakıda iş axtarmaq bir nəticə vermədi. Sumqayıt zavodlarının birində, heç olmasa, fəhlə işləmək qərarına gəldim. Şəhər milis şöbəsində işləyən məktəb yoldaşım Kamandar Ələkbərov mənə dedi ki, bu diplomla səni heç bir zavodda fəhləliyə qəbul etməzlər. Onun köməyilə 1968-ci il fevralın 29-da şəhər qəzetinin redaksiyasında korrektor işləməyə başladım. Redaksiyanın köməyilə boru-prokat zavodunun fəhlə yataqxanasında yer verib qeydiyyata götürdülər. Otaqda məndən başqa həbsdən təzəcə azadlığa buraxılmış bir nəfər fəhlə də qalırdı. Mən hər dəfə kitab, yaxud qəzet oxuyanda yaxınlaşıb nə üçün oxuduğumu soruşurdu. Nə deyirdimsə, bir təsiri olmurdu. Hər dəfə də eyni sualı verirdi: “Nə üçün oxuyursan?”…
Heç iki ay keçməmişdi, məni Sumqayıt şəhər hərbi komissarlığına çağırdılar. Məni Müdafiə Nazirliyinin xəttilə hərbi tərcüməçi işləmək üçün xarici ölkəyə göndərmək istədiklərini bildirdilər. Dərhal razılaşdım və lazımi sənədləri toplayıb verdim.
Avqust ayının ortalarında Moskvaya çağırdılar. Bakıdan yeddi nəfər idik. Baş Qərargahda qəbul zamanı tərcüməçilərin işləri ilə məşğul olan polkovnik – şöbə rəisi hamımızı Misirə göndərmək istədiklərini bildirdi. Ərəb dilini necə bilməyimizi yoxlamaq üçün hamımızı hərbi tərcüməçilər hazırlayan instituta göndərdi. O birisi gün yenidən həmin şöbə rəisinin qəbuluna gəldik. Polkovnik təəssüflə bildirdi: “Vəziyyət dəyişib. Krasnodar Ali Avi-asiya Məktəbində tərcüməçilərə böyük ehtiyac vardır, gedin, orada 6-7 ay işləyin, sonra çağırıb göndərərik.” Lakin yoldaşlarımdan bir neçəsi etiraz edib bildirdi ki, biz xaricə getmək istəyirik. Şöbə rəisi hirsləndi: “Siz artıq Silahlı Qüvvələrin zabitlərisiniz, sizi haraya istəsək göndərə bilərik. Türküstan Hərbi Dairəsində vzvod komandiri lazımdır, sizi oraya da göndərə bilərik”. Mən Ağaqasım Qasımovu və Mübariz Əsədovu yola gətirdim, daha doğrusu, Krasnodarı təriflədim ki, yaxşı yerdir, Bakıya da yaxındır. Həm də tərcüməçi işləyəcəyik, təcrübəmiz də artacaq. Biz üçümüz razılaşdıq və elə həmin gün qatarla Moskvadan Krasnodara yola düşdük. Dörd nəfər isə qəbuldan çıxan kimi şöbə rəisinə məlumat vermədən Bakıya qayıtdı. Sonralar eşitdik ki, onları təzədən Moskvaya çağırıb, doğrudan da, Türküstan Hərbi Dairəsinə, amma Frunze Ali Aviasiya Məktəbinə tərcüməçi işləməyə göndəriblər.
1968-ci il sentyabrın 1-də Krasnodar Ali Aviasiya Məktəbində hərbi libasdaydıq. Hərəmizi bir qrupa tərcüməçi təyin etdilər və dərhal işə başladıq. Mühazirələri tərcümə edib ərəb ölkələrindən gəlmiş kursantlara diktə edirdik. Artıq 7-8 ay idi ki, işləyirdik. Komandanlıq işimiz-dən çox razı idi. Lakin xaricə göndərmək məsələsi, elə bil ki, tamamilə yaddan çıxmışdı. Bir gün mən növbətçi olduğum vaxt yoldaşlarım şəhərdən Baş Qərargaha – tərcüməçilərin işləri ilə məşğul olan həmin polkovnikə zəng edib bildirirlər ki, 8 ay keçib, biz xaricə getmək istə-yirik. Polkovnikin nə cavab verdiyini bilmirəm. Lakin o birisi gün səhər tezdən bütün tərcüməçiləri aviasiya məktəbi rəisinin qəbul otağına yığdılar. Rəis ağzı köpüklənə-köpüklənə dedi: “Siz nə üçün bizdən icazəsiz Moskvaya zəng etmisiniz?! Siz burada lazımsınız. Bu yaxınlarda təzə qruplar gələcəkdir. Qoy xaricə başqalarını gön-dərsinlər. Siz zabitsiniz, əmrə tabe olmalısınız. Gedin, işinizlə məşğul olun.”
…Nəhayət, 1969-cu ilin iyun ayının axırlarında hamımızı Misirə göndərdilər. Bizi Qahirə aeroportunda gecə saat 4-də artıq iki il burada işləyən Zahid Hüseynov qarşıladı. Yoldaşlarımı Qahirədə və ona yaxın yerlərdəki hərbi hissələrə göndərdilər. Məni isə Süveyş kanalına – döyüşən 2-ci ordunun qərargahında artilleriya müşavirinin tərcüməçisi təyin etdilər. Ramiz Mürsəlov artıq bir il idi ki, burada ordu komandanının baş müşaviri general Bukatovun tərcüməçisi işləyirdi. Sovet hərbi müşavirləri, mütəxəssisləri və onların tərcüməçiləri də Misir əsgər və zabitləri kimi blindajlarda yaşayırdılar. Hər həftənin cümə axşamı günü nahardan sonra avtobusla Qahirəyə yollanırdıq. Şənbə günü səhər saat 6-da isə Qahirədən Süveyş kanalına qayıdırdıq. O vaxt Misirlə İsrail arasındakı müharibədə hələ atəşkəs yox idi. İsrailin hərbi təyyarələri Misirin Süveyş kanalı zonasındakı hərbi hissələrinin mövqelərini və hətta ölkənin içərisindəki mülki və hərbi obyektləri də bombardman edirdilər.
2-ci ordunun qərargahında işləyən sovet mütəxəssisləri cəbhə xətti sayılan Süveyş kanalından təqribən 20 kilometr qərbdə yerləşən Təll-Kəbir şəhərinin yaxınlığındakı qospitalın ərazisində çiy kərpicdən tikilmiş və vaxtilə ingilis serjantları üçün nəzərdə tutulmuş birmərtəbəli evlərdə yaşayırdıq. 1970-ci il yanvarın 7-si gümə axşamı günü idi. Günorta saat 1-ə beş dəqiqə qalırdı. İşdən qayıtmışdıq. Nahar edib Qahirəyə istirahətə getməliydik. Tərcüməçisi olduğum polkovnik A.Y.Anisimov UAZ maşınını mənim yaşadığım evin 5-6 metrliyində olan şlaqbaumun yanında dayandırıb məndən sürücüyə gələn həftə üçün tapşırıqlarını tərcümə etməyi tələb etdi. Dedim ki, narahat olmayın, sonra özüm hər şeyi sürücüyə izah edərəm. Yaxşısı budur ki, indi tez yeməkxanaya gedək. Birinci növbədə – təmiz qab-qacaqda nahar edək, bir az geciksək, ikinci növbəyə qalacağıq. Yeməkxanada işləyən əsgərlərin ikinci növbə üçün qab-qacağı yaxşı təmizləməyə imkanları olmur. Rəisimin acığı tutub getdi. Mən isə öz otağıma girdim. Əsəbiləşmişdim. Dəftərçəmi dolabın üstünə atıb əsgər çarpayısına uzandım ki, bir az istirahət edim. Lakin yeməkxanada birinci növbədə nahar etmək fikri məni rahat qoymurdu. Tərs damarım tutmuşdu, tez qalxıb arxa qapıdan çıxdım. Elə bu vaxt İsrail təyyarələri qospitalı və hərbi hissəni bombardman etməyə başladılar. Mən partlayış səsini eşidib tez yerə uzandım.
İsrail təyyarələrindən biri o qədər alçaqdan uçurdu ki, hətta təyyarəçinin sifətini lap aydın gördüm. Raketlərdən biri cəmisi bir neçə dəqiqə bundan əvvəl maşınımızın dayandığı yerə düşmüşdü. Mənim otağım və cəmisi bir neçə addımlıqda – şlaqbaumla üzbəüzdə yerləşən mühafizəçilərin ofisi darmadağın olmuşdu. Uzandığım yerdə burnumdan bir qarış aralıda əl boyda bir qəlpə gördüm. Onu xatirə olaraq saxlamaq üçün götürmək istədim. Qəlpə çox isti olduğundan əlimi yandırdı. Tez yerə atdım. Qalxıb yeməkxanaya getdim. Polkovnik Anisimov məni görüb üzrxahlıq etdi: “Əgər mən həmin yerdə sürücüyə tapşırıq verməyə başlasaydım və sən də dediklərimi tərcümə etsəydin, indi biz burada görüşə bilməzdik. Mən sağ qalmağıma görə sənə minnətdaram…” Bir azdan xəbər çıxdı ki, polkovnik N.İ.Kalçenko yoxdur. Məlum oldu ki, o məni axtarırmış. Məndən soruşdular. Dedim ki, mən onu dünəndən bəri görməmişəm. Axtardılar və onun meyitini mənim darmadağın olmuş otağımın kərpiclərinin altından çıxartdılar. Deməyəsən, həmin gün Kalçenkonun ad günüymüş. Lakin general onu qarnizonda növbətçi təyin edibmiş. O da Qahirəyə arvadına telefonla zəng edib bu gün gələ bilməyəcəyini bildirmək üçün mənim yanıma gəlirmiş. Mühafizəçilərin ofisində telefonla tərcüməçisiz danışmaq mümkün deyildi. Deyəsən, mən arxa qapıdan çıxanda o da əsas qapıdan içəri giribmiş…
Təhlükəsizlik baxımından ordu qərargahında işləyən sovet hərbi müşavirləri və mütəxəssislərini cəbhə xəttindən – Süveyş kanalından nisbətən uzaqda yerləşdirməyi qərara aldılar. Bizi Süveyş kanalından təqribən 60 kilometr qərbdə yerləşən Cəfəriyyə kəndində ikimər-təbəli bir binaya yerləşdirdilər. Bir həftə burada yaşadıq və cümə axşamı günü nahardan sonra Qahirəyə yollandıq. Şənbə günü Qahirədən qayıdanda siçovulların döşəklərimizin pambığını atıq-atıq etdiklərini gördük. Bir neçə gündən sonra hamımızı cəbhəyə yaxın olan Əl-Qassasin kəndinin portağal plantasiyasının ərazisindəki blindajlara köçürdülər.
O vaxtlar Qahirədə 20 nəfərdən çox azərbaycanlı hərbi tərcüməçi işləyirdi. Bizdən 5-6 nəfər cümə günü Baş Qərargahda tərcüməçi işləyən Zahid Hüseynovun qaldığı mənzilə yığışırdıq, axşam isə kinoya gedirdik. Yanvarın 7-də axşam bir yerə yığışanda bombardmana düşdüyümü və polkovnik Kalçenkonun həlak olduğunu danışdım. Zarafatla dedilər ki, gələn dəfə həmin yerdən uzaqda dayanarsan. Üç həftədən sonra yanvarın 28-də Qahirəyə gələndə tərcüməçi yoldaşlarımın bir yerə yığışdıqlarını gördüm. Gözləri yaşlı idi. Məlum oldu ki, İsrail təyyarələri Qahirədən cənubda yerləşən Dəhşurdakı hərbi hissəni bombardman ediblər. İsrail təyyarəsindən buraxılan raket sovet və Misir zabitlərinin müşavirəsi keçirilən bunkeri darmadağın edib. Tərcüməçi Ziyəddin Yusifov, üç sovet polkovniki və çoxlu misirli zabit həlak olub. Bundan sonra bir daha taleyimdən şikayətlənməməyi qərara aldım. Mən hər gün bombardmana məruz qalan döyüş bölgəsində işlədiyim halda salamat qal-mışdım. Ziyəddin isə Süveyş kanalından təqribən 200 kilometr uzaqlıqda yerləşən Dəhşurda, özü də İsrail təyyarələrinin cəmisi bir dəfə hücum etməsi nəticəsində həlak olmuşdu.
Artıq bir il idi ki, döyüş bölgəsində işləyirdim. Ordu komandanının yeni baş müşaviri general B.N.Dzotsiyev məni özünə tərcüməçi götürdü. Doğrusu, istəmirdim. Hər bir tərcüməçi bir il döyüş bölgəsində işlədikdən sonra onu Qahirəyə keçirirdilər. Hiss edirdim ki, general məni buraxmayacaq. Elə də oldu. General Dzotsiyev mənim Qahirəyə keçirilmək məsələm ortaya qoyulanda qətiyyətlə bildirdi ki, o, başqa tərcüməçi ilə işləmək istəmir. Buna görə də mənim məsələmi gündəlikdən çıxartdılar. 1972-ci il avqustun 5-dək Süveyş kanalı zonasında işlədim. Misirli zabitlərlə bir yeməkxanada qidalanırdıq. Yediyimiz düyü, mərcimək şorbası, qayğanaq və quru çörək idi. Şam yeməyində yeməkxanada işıq yandırmırdılar: İsrail təyyarəçiləri işıq gələn yerləri bombardman edirdilər.
1972-ci ilin may ayında Misir ilə SSRİ arasındakı münasibətlərdə müəyyən gərginlik yaranmışdı. Bu barədə öz fikrimi açıqlamaq niyyətində deyiləm. Bu iki dövlətin arasındakı razılaşmaya əsasən 1972-ci il iyul ayının 25-dən başlayaraq Misirdəki sovet hərbi müşavirlərinin və mütəxəssislərinin təcili olaraq ölkədən çıxarılmasına başlandı. Hər gün Qahirə hərbi aerodromundan Moskvaya iki sərnişin təyyarəsi yola salırdıq. Avqust ayının 5-də axırıncı təyyarələrdən biri ilə Misiri tərk etdim. Bundan bir gün əvvəl baş vermiş bir hadisənin üstündən keçmək istəmirəm. Avqustun 4-də səhərisi gün Moskvaya uçacaq təyyarədə gedənlərin çamadanlarını gömrükdən keçirmək lazım idi. Qərargahda bunun üçün çamadanlar doldurulmuş avtobusu müşayiət etmək məqsədilə bir nəfər tərcüməçi axtarırlar. Tərcüməçilərin əksəriyyəti artıq bundan əvvəlki reyslərlə Moskvaya göndərilmişdi. Qərargahda məlum olub ki, general Dzotsiyevin tərcüməçisi hələ buradadır. Generaldan icazə alıb məni həmin avtobusla Qahirə hərbi aerodromundakı gömrükxanaya göndərdilər. Gömrük işçisi çamadanlara baxanda çox təəccübləndi: “Bəs bunların sahibləri haradadır?”. Dedim ki, sabah saat 5-də aeroporta gələcəklər. Dedi ki, mən çamadanları yox-lamalıyam. Dedim ki, məndə onların heç birinin açarı yoxdur. Çox çək-çevirdən sonra heç olmasa bir çamadanı yoxlayacağını bildirdi. Mənim də əlacım qalmamışdı. Razılaşdım. Axtarıb lap altdan bir çamadanı göstərib onu çıxarmağı tələb etdi. Mən də dartıb çıxardım. Açmağı təklif etdi. Mən də açarsız açdım. İçindəki ərəbcə kitabları görüb çox təəccübləndi. Çamadanların hamısını təyyarəyə yükləməyə icazə verdi. Sonra mənə yaxınlaşıb çamadanı necə açdığımı soruşdu. Dedim ki, o, mənim öz çamadanım idi, özü də açarla bağlamamışdım. Xeyli güldük. Beləliklə, mənim Misirdəki hərbi tərcüməçi fəaliyyətim başa çatmış oldu. Həmin müddət ərzində nələr çəkdiyimin təfsilatına varmaq istəmirəm. Misir haqqında ən xoş xatirələr indiyədək qalmaqdadır. Hələ də təəssüflənirəm ki, üç il Misirdə yaşadım, amma Asuan bəndini görmək mənə nəsib olmadı… 1970-ci ildə “Əsgəri rəşadətə görə” medalı və 1972-ci ildə isə “Döyüş xidmətlərinə görə” medalı ilə təltif edilmişəm. Axırıncı medalı isə yalnız 1975-ci ilin mayında məni tapıb respublika hərbi komissarlığına çağırıb təqdim etdilər.
Sumqayıta köhnə iş yerimə – şəhər qəzeti redaksiyasına qayıtmalı oldum. Yenidən korrektor işləməyə başladım. Birotaqlı mənzil verdilər. Evləndim. Yenidən hərbi tərcüməçi kimi xaricdə işləməyə dəvət etdilər.
1976-cı il oktyabrın 20-də ailəmlə birlikdə Əlcəza-irə yollandım. Oğlum Fəridin qırxı təzəcə çıxmışdı. Paytaxtdan 100 kilometr qərbdə Aralıq dənizinin sahilində yerləşən kiçik Şerşel şəhərindəki ümumqoşun hərbi akademiyasında 1981-ci il aprel ayının 20-dək hərbi tərcüməçi işlədim. Azərbaycandan beş nəfər idik: Cəmil Bünyadov, Rafiq Əliyev, Şəfi Əfəndiyev, Eynulla Baxşıyev və mən. Səhər saat 7-dən nahara qədər əsas dərsləri tərcümə edirdik. Axşam saat 5-dən 7-dək kursantların səhərki dərslərə hazırlaşmasına nəzarət edirdik. Yaranmış sualları müəllimlərə, onların cavablarını da kursantlara tərcümə edirdik. Bəzən bunlardan əlavə gecə dərslərinə də gedirdik. 1978-ci ildə qızım Leyla anadan oldu. Beləcə 4 il yarım Əlcəzairdə hərbi tərcüməçi işlədim. Ailəm yanımda olduğuna görə, işdən başqa heç nəyin qayğısını çəkmirdim.
Ezamiyyətdən qayıtdıqdan sonra yenidən Sumqayıta döndüm və yenə də korrektor işləməyə başladım. Birotaqlı mənzilim artıq dörd nəfər üçün darısqal idi. 1983-cü ildə üçotaqlı mənzil verdilər. 1984-cü ildə oğlum Nurlan anadan oldu. 1985-ci ilin dekabrında məni hərbi tərcüməçi kimi İraqa yolladılar. Yenə də müharibə gedən bölgəyə düşmüşdüm. İran-İraq müharibəsinin qızğın çağı idi. Ailəmi özümlə aparmaq mümkün olmadı. Buradakı azərbaycanlı hərbi tərcüməçilər məndən çox cavan idilər. İki il işlədikdən sonra bir il də işləməyi təklif etdilər. Lakin razılaşmadım. 1987-ci ilin lap axırlarında ezamiyyətdən qayıtdım. 1988-ci il fevralın 28-də məzuniyyətimin vaxtı qurtardıqdan sonra yenidən redaksiyaya getdim. Lakin bu dəfə məni redaksiyada işə bərpa etmədilər. Artıq Sumqayıt hadisələri baş vermişdi…
Bakıda iş axtarmağa başladım. “Azərinform”da beşaylıq sınaq müddəti keçdikdən sonra 1988-ci ilin avqustunda tərcüməçi-redaktor vəzifəsinə qəbul etdilər. Burada əsasən rus dilindən SİTA-nın və bölgə müxbirlərinin materiallarını tərcümə edirdim. O vaxtlar bölgə müxbirləri öz materiallarını rus dilində yazmalı idilər. 1993-cü ilin fevralında isə Prezident aparatının Nəşr və tərcümə sektorunda məsləhətçi vəzifəsinə işə götürdülər. O vaxtdan burada işləyirəm.
Xarici ölkələrə bu ezamiyyətlərdən əlavə iki dəfə 1974-cü ildə Krasnovodskda və 1982-ci ildə isə Simfero-polda altıaylıq hərbi toplanışlarda da iştirak etmişəm. Həmin toplanışlar zamanı da yalnız hərbi tərcüməçi kimi işləmişəm. Rütbəmi isə baş leytenantdan yuxarı qaldırmayıblar. Bunun səbəbini isə özümdə görürəm. Çünki heç vaxt tələb etməmişəm.
Bəzən mənə elə gəlirdi ki, ərəb dili mütəxəssisi kimi tərcümə ilə məşğul olmaq mənə bir daha müyəssər olmayacaqdır. Sumqayıtda işləyəndə ərəb və rus dillərindən kiçik hekayələr tərcümə edib şəhər qəzetində dərc etdirirdim. “Azərinform”da işləyəndə isə respublikanın müxtəlif qəzetlərində Azərbaycan dilinin bəzi məsələləri barədə yazılar dərc etdirmişəm. “Kaspi” qəzeti bəzi lüğətlər və tərcümələr barədə irihəcmli yazılarıma öz səhifələrində yer vermişdir. “Mütərcim” jurnalı isə ərəb dilindən iki hekayəni mənim tərcüməmdə dərc etmişdir. “Yazıçı” nəşriyyatı 1996-cı ildə tərcümə və tərtib etdiyim “Ərəb yumoru” kitabını buraxmışdır. İlk ərəb lətifələrini hələ tələbəlik illərində universitet qəzetində dərc etdirmişdim. Sonra ərəb dilindən etdiyim hekayələrin tərcümələrini kitab halında buraxmağı qərara aldım. “Azərnəşr” nəşriyyatı 2004-cü ildə ərəb ölkələri yazıçılarının hekayələrindən ibarət “Şəhidlər bu həftə qayıdacaqlar” kitabını, 2007-ci ildə Misir yazıçısı Ənis Mənsurun “Aforizmlər” kitabını və 2008-ci ildə isə “Kitab klubu” nəşriyyatı Misir yazıçısı Curci Zeydanın “Kərbəla dilbəri” romanını mənim tərcüməmdə buraxmışdır. Bu roman mənim üçün ən əzablı tərcümə olmuşdur. 1996-cı ildə “Yazıçı” nəşriyyatından bu romanın 1911-ci ildəki nəşrini ərəb qrafikasından kiril qrafikasına transliterasiya etməyi çevirməyi xahiş etdilər. Dedim ki, bu çox çətin işdir. Dilimiz o vaxtdan bəri çox inkişaf etmişdir. Ona görə də həmin tərcümənin özünə çoxlu izahlar yazmaq lazım gələcəkdir. Hələ oxucuların onu bəyənəcəkləri də şüb-həlidir. Yaxşısı budur, mən onu ərəbcədən ikinci dəfə tərcümə edim. Razılaşdılar. Mən də gecə-gündüz işlədim və 5 aydan sonra tərcüməni təhvil verdim. Kitabı nə vaxt buraxacaqları ilə maraqlanmırdım. Çünki özləri sifariş vermişdilər. Deyəsən, 2003-cü il idi. Təsadüfən eşitdim ki, “Yazıçı” nəşriyyatını ləğv ediblər. Tərcümənin əlyazma-sını çox axtardım. Hətta, S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə də gedib çıxdım. Dedilər ki, bizə belə bir tərcümə təhvil verməyiblər. Bir nəfər dedi ki, “Yazıçı” nəşriyyatının bütün daşınar əmla-kını Dövlət Əmlak Komitəsinə təhvil veriblər. Orada isə mənə dedilər ki, “belə bir hadisə baş verməyib”. Romanı yenidən tərcümə etməyə başladım. Tərcümə əsnasında hiss edirdim ki, itən variant o qədər də yaxşı olmayıb. Tələsikliyə yol verdiyimi açıq-aydın hiss edirdim.
Qəzetlərdə, jurnallarda və kitablarda rast gəldiyim və “tərcümə inciləri” adlandırdığım qeyri-dəqiq, hətta gülməli tərcümə cümlələrindən ibarət kolleksiyam da vardır. Lakin indi onları sistemləşdirmək üçün vaxtım yoxdur. Əcəl imkan versə, onları da ərsəyə çatdıracağam. “Kitab klubu” nəşriyyatı 2014-cü ildə əsasən tərcümə sənəti və tərcüməçilər barədə aforizmlərimdən ibarət “Перевод спасет мир” (“Dünyanı tərcümə xilas edəcəkdir”) kitabımı rus dilində nəfis şəkildə nəşr etmişdir. Azərbaycanca da aforizmlərim vardır. Lakin onlar rusca yazdıqlarımın tərcüməsi deyildir.
Kitab həvəskarlarındanam. Xoşuma gələn kitabı baha olmasına baxmadan hökmən almalıyam. Tanışlarım mənim kitabxanama həsəd aparırlar. Kitabxanamda əsasən azərbaycanca, rusca, ərəbcə, türkcə və farsca kitablar üstünlük təşkil edir. Bir dəfə Türkiyə tarixçisi Yılmaz Öztunanın 1989-cu ildə Ankarada buraxılmış “İslam dövlətləri” kitabını oxuyurdum. Müəllifin öz əsərinin birinci cildinin 666-cı səhifəsində yazdığı belə bir cümləsi məni lap tövrümdən çıxardı: “Çağatay lehcesi, Osmanlı lehcesindən sonra, bütün Türk lehcelerinin en zenginidir. Azeri lehcesi 3-cü yerdedir”. Müəllifin dilimizi “ləhcə” adlandırmasını bir yana qoyaq, cığatay dilinin bizim dilimizdən zəngin olması məni lap təəccübləndirdi. Tarixdən məlumdur ki, cığatay dili Orta Asiyada qədim uyğur və oğuz-qıpçaq dillərinin əsasında yaranmış və sonralar özbək dilinin əsasını təşkil etmiş bir dil olmuşdur. Hətta bəzi tarixçilərin yazdığına görə cığatay dili cəmisi bir əsr yarım mövcud olmuşdur. Tədricən aradan çıxmışdır. Əslində isə Çingiz xanın nəvəsi Cığatayın başçılıq etdiyi tayfanın dili olmuşdur. Belə çıxır ki, bizim dilimiz zənginliyə görə bu dildən sonra 3-cü yerdə durur? Görəsən, Y.Öztuna hansı meyarlara əsaslanaraq belə bir qənaətə gəlib?..
Bütün bunlardan sonra, yəqin ki, bu kitabı nə üçün “Bizim gözəl dilimiz” adlandırdığım aydındır. Hər şeydən əvvəl, qeyd etməliyəm ki, adətən, dünyada hər hansı bir dili ən çox kimlərin korladığı barədə söhbət gedəndə birinci yerdə tərcüməçiləri, sonra isə jurnalistləri göstərirlər. Bu, tərcüməçilər barədə çox ədalətsiz hökmdür. Axı, tərcüməçilər dili niyə korlasınlar? Əgər bəzi dilçilərin yazılarını diqqətlə oxusanız, nələr aşkar etməzsiniz. Tərcüməçi ən azı iki dili – ana dilini və bir xarici dili yaxşı bilir. O, hətta xarici müəllifin buraxdığı səhvləri aşkar edib onlara öz münasibətini bildirir. Tərcüməçi öz ana dilini yaxşı bilməsə, heç vaxt yazılı tərcüməyə əl qatmaz.
Bu kitaba indiyədək müxtəlif qəzet və jurnallarda dərc edilmiş məqalələrimi daxil etmişəm. Lakin indi həmin yazıları oxuyanda bəzi fikirlərim özümdə qəribə hisslər doğurur. Əlbəttə, bəzi səhvlərə yol vermişəm. Ona görə də yazıların bəzilərində bir sıra orfoqrafik və üslubi düzəlişlər etmişəm. Gətirdiyim faktların bəzisinin dəqiq olmadığını, bəzilərinin isə artıq köhnəldiyini aşkar etmişəm və onları da ixtisar etmişəm. Bütün yazılarda “olunmuş”, “olunur” və “olunmuşdur” sözlərini müvafiq olaraq “edilmiş”, “edilir” və “edilmişdir” sözləri ilə əvəz etmişəm.
Müasir Azərbaycan dili türk dilləri arasında ən sanballı dildir. Onun çox gözəl məntiqi vardır. Müasir türk dili ilə müqayisədə Azərbaycan dili çox inkişaf etmiş, əlifbası, fonetikası, morfologiyası, leksikası mükəmməl olan bir dildir. Lakin təəssüflər olsun ki, son vaxtlar dilimizin imkanlarından düzgün istfadə edə bilməyənlər kobud səhvlərə yol verirlər. Heç kəs də belələrinə irad tutmur, öz münasibətini bildirmir. Bu dil hamımıza məxsusdur. Dili-mizi korlayanların kim olmasına baxmayaraq onların hər bir səhvi mətbuatda müzakirə edilməlidir. Əks təqdirdə, dilimizi təhriflərdən necə qorumaq olar? Ədəbi dilimiz isə dünyanın ən inkişaf etmiş dilləri ilə bir sırada durur.
Kitabdakı fikirlər mənim şəxsi rəyimdir və onlardan imtina etmək fikrində deyiləm. Bəziləri məni xırdaçılıqda təqsirləndirirlər. Məncə, Azərbaycan dilinin xırda məsələ-ləri ola bilməz.

    Müəllif

HƏRBİ TERMİNLƏRİMİZ ÇOX DƏQİQ OLMALIDIR
“Azərbaycan müəllimi” qəzetinin “Azərbaycan dilində termin yaradıcılığı məsələləri” müzakirəsi çox vacib işdir. Elmin müxtəlif sahələrində çalışan alimlər, mütəxəssislər vaxtaşırı öz fikirlərini, təkliflərini bildirir, bu işə daha yaxından kömək göstərirlər. Terminlərlə iş bir dəfəlik iş ola bilməz. Sevindirici haldır ki, respublikamızda elmi konfranslar, qəzetlərimizdə müzakirələr keçirilir. “Terminologiya məsələləri” toplusunun nəşrə başlaması xüsusilə təqdirəlayiqdir.
Lakin nədənsə, bu mötəbər yığıncaqlarda hərbi terminlərimiz barədə ya heç nə deyilmir, ya da çox az danışırlar. Halbuki hər gün rus dilində radio, televiziya verilişlərində, qəzetlərdə, müxtəlif yazılarda çoxlu hərbi anlayışlarla rastlaşırıq və onları rusca yaxşı başa düşürük. Lakin həmin fikirləri Azərbaycan dilində ifadə etməyə çətinlik çəkirik. Məgər bu, hərbi memuar ədəbiyyatının incilərinin dilimizə tərcümə edilməməsinin səbəbi deyilmi?
Terminlərin əsas meyarı onların təkmənalı və dəqiq olması fikri hərbi terminologiyada özünü daha bariz şəkildə göstərir. Bütün inkişaf etmiş dillərdə hərbi dil çox quru dil hesab edilir. Bu, hər şeydən əvvəl, hərbi işin spesifikasından və onun terminlərindən yaranır. Doğrudan da, hərbi dil sözçülüyü, sözün bir neçə yerə yozulmasını sevmir, həmişə konkretliyi ön planda saxlayır. Bu da aydındır. Başqa sözlə desək, hərbi dildə hər şey öz adı ilə adlandırılır. Dilimizin hərbi terminləri də məhz belə olmalıdır.
Azərbaycan dilində ilk hərbi terminlər lüğətini 1926-cı ildə general Ə.Şıxlinski tərtib edib nəşr etdirmişdir. Həmin vaxtdan bəri, ümumiyyətlə, hərbi terminologiya çox inkişaf etmiş, zənginləşmişdir. “Gənclik” nəşriyyatının 1981-ci ildə təkrar nəşrlə buraxdığı “Rusca-azərbaycanca qısa hərbi lüğət” isə müqəddimədə qeyd edildiyi kimi həm izahlı lüğət, həm də tərcümə lüğəti, yəni terminologiya lüğətidir. Bəlkə də elə buna görədir ki, o nə izahlı lüğət, nə də terminlər lüğəti kimi ehtiyacı ödəyir.
Lüğətdə bəzi sözlərin Azərbaycan variantı 1960-cı illərdən əvvəlki orfoqrafiya qaydalarında göstərildiyi kimi yazılmışdır: amartizator, panton, kallimator, qaravul, partupey, kilotonna, meqatonna, meqatonn, tonn, minamyot, minamyotçu, minanos, kişlaq, eşalon, sistema, ləvazımat, fılan, absolüt, absolyut, nalayıq, provakasiya və s. Hələ bəzilərinin dilimizdə işlənmədiyini demirik.
Bəz`ən rus dilindəki bir terminin qarşısında 2-3, hətta 4 termin yazılıb. Boy, bitva, srajeniya sözlərinin hər binin qarşısında döyüş, vuruşma, dava, vuruş sözləri verilib. Halbuki “boy” sözünü – “döyüş”, “bitva”nı – “vuruşma”, “srajeniye”ni – “vuruş” kimi yazıb sabit şəklə salmaq olardı. “Ukrıtiye”ni “daldalanacaq”, “ubejişe”ni “sığınacaq” şəklində sabitləşdirmək vacibdir. “Strelok” – “atıcı”, “motostrelok” – “motoatıcı”, “motostrelkovaya rota” – “motoatıcı rota” və s. yazmaqla kifayətlənmək lazım idi. Həmin terminlərdən sonra “motonişançı” yazmaq səhvdir. Çünki “nişan” sözü yalnız “pritsel” sözünün yerində işlənə bilər. “Navodka” müqabilində isə yalnız “tuşlama” işlətmək olar.
Rus hərbi terminologiyasında çox geniş işlədilən “zona”, “siqnal”, “baza” sözləri haqlı olaraq eynilə saxlanılmışdır. Lakin bəzi hallarda həmin mənalarda “sahə”, “zolaq”, “qurşaq”, “işarə”, “duracaq” sözləri də işlədilmişdir. Niyə dilimizdə vətəndaşlıq hüququ qazanmış bu sözlərin yerinə başqa sözlər işlədək? “Sualtı qayıqlar duracağı” əvəzinə sualtı qayıqlar bazası” işlətmək lazım idi. “Deystvuyuşaya armiya – hərəkət edən ordu, vuruşan ordu”, “deystvuyuşiye voyska – vuruşan ordu” yazılıb. Axı bunlar dilimizdə “döyüşən ordu”, “döyüşən qoşunlar” şəklində çoxdan sabitləşmişdir. “Usloviya peremiriya – müvəqqəti sülh şərtləri” deyil, “barışıq şərtləri” olmalıdır. “Sverxzvukovaya skorost – səs itiliyindən çox sür`ət” əvəzinə “səsdən iti sür`ət” işlətsək dilimizdə daha yaxşı səslənmirmi? “Soprikosnoveniye – bitişmə, bitişiklik, yanaşılıq, toxunma (üz-üzə durma)” əvəzinə bir söz – “təmas” kifayət edərdi. “Sosredotoçeniye – toplama, toplanma, yığma, yığılma, cəmləmə, cəmləşdirmə” yazmaqdansa, “təmərküzləşdirmə, təmərküzləşdirilmə” işlədilsə, daha konkret olmazmı? “İmitasiya”nı “yamsılama” şəklində verməkdənsə, elə “imitasiya” şəklində saxlamaq daha doğru olardı. Nə vaxtdan dilimizdə “qəlpə” hərbi termin hesab edilməyib? “Oskolki – çarpara” verməkdənsə, “qəlpə” sözü daha münasib deyildimi? “Tranşeya – xəndək”, “okop – səngər”, “xodı soobşeniya – gediş-gəliş xəndəkləri”, “rov – qanov”, “yaçeyka – hücrə” terminlərini yalnız bu şəkildə sabitləşdirmək lazım idi. “Boyeqolovka” müqabilində “döyüş-təpə” vermək çox süni çıxır. Son vaxtlar çox gözəl bir termin sabitləşib: “döyüş başlığı”! Həmin mənada əvəzsiz termindir. “Pozitsiya” dilimizdə “movqe”dir. “Mövqe” əvəzinə “meydan” işlətmək düzgün deyildir.
“Perebejçik” “qaçqın”dır, amma nə “qaçaq”, nə də “fərari” deyildir. “Dezertir” “fərari”dir. “Razvedçik” “kəşfiyyatçı”dır, amma ona “casus” demək düzgün deyildir. “Şpion” “casus”dur. Bizcə “çasovoy”u “keşikçi”, “rikoşet”i “səktirmə” vermək daha dəqiq olardı. “Zol”, “əhl”, “əndişə”, “əngəl” terminlərini, görəsən, hansı hərbi məqamlarda işlətmək mümkündür?
“Koordinator toru”, “kilometrlər toru” istilahlarında “tor” əvəzinə “şəbəkə” sözü işlədilməli idi. Aşağıdakı terminlərin mötərizədə göstərilən variantları işlədilməli idi: buzlaşmayan məhlul (donmayan məhlul), qaz sığınacağı (qazdan sığınacaq), məsafəni rəf etmək (məsafəni qət etmək), özünü əsirliyə vermək (!) (əsir düşmək), yolu aşmaq (yolu keçmək), taxta tank minası (tanklar əleyhinə taxta mina), taxta piyada minası (piyadalar əleyhinə taxta mina), atəşi düzəldən təyyarə (atəşi təshih edən təyyarə), yer şarı (!) (yer kürəsi), idarə edilən reaktiv tank əleyhinə mərmilər batareyası (tanklar əleyhinə idarə edilən reaktiv mərmilər batareyası), yeriməyən hədəf (hərəkət etməyən hədəf), çoxdərəcəli raket (çoxmərhələli raket), yeriyən müşahidə məntəqəsi (hərəkət edən müşahidə məntəqəsi), rahat alışan maddə (tez alışan maddə), yanacaqla dolu şüşə (yandırıcı qarışıqla dolu butulka), saxta həmlə (aldadıcı həmlə), cəbhəkənarı zona (cəbhəyə yaxın zona), yanacaq və yağlayıcı maddələr (yanacaq və sürtgü materialları), çevrilmiş sıra (açılmış sıra) və s.
Komandalar və komanda sözlərinin bəzilərini dilimizə daha yatımlı etmək ehtiyacı hiss edilir: “İdti v noqu!” – “Ayaqla get! Sayla get!” əvəzinə yalnız “Ayaqlaş!”, “Şire şaq!” – “Gen addım!” əvəzinə “İri addımlarla!”, “Razomknis!” – “Açıl!” əvəzinə isə “Seyrəl!” yazılsaydı, daha münasib və dəqiq olardı.
Müasir terminologiyanın prinsiplərinə riayət edilməklə tam hərbi terminlər lüğətimizi yaratmağın vaxtı çoxdan çatmışdır.

    “Azərbaycan müəllimi” qəzeti, 12 iyul 1985-ci il

DÜZGÜNMÜ ADLANDIRIRIQ?
Müasir Azərbaycan dilində işlədilən bəzi xarici coğrafi adların hazırda istifadə etdiyimiz şəkildə işlənməsi məntiqi cəhətdən şübhə doğurur. Belə coğrafi adlardan biri “Ərəbistan dənizi” oykonimidir. Orta əsrlərdən 1926-cı ilədək, yə`ni latın qrafikasına keçənədək Azərbaycan yazıçıları, jurnalistləri, səyyahları, tarixçi alimləri öz əsərlərində həmin dənizdən bəhs edərkən “Ərəb dənizi” ifadəsindən istifadə etmişlər. Rus dilində hələ keçən əsrlərdən işlədilən və hazırda da qüvvədə qalan “Araviyskoye more” adı avropalılardan alınmışdır – rus şərqşünaslığının erkən çağlarında həmin ad ingiliscəsinə uyğunlaşdırılıb götürülmüşdür. Halbuki hazırda rus dilində bir çox təşkilat, dövlət adlarındakı “Əl-Ərəbi” sözü “Arabskiy” şəklində tərcümə edirlər: “Liqa Arabskix Qosudarstv”, “Siriyskaya Arabskaya Respublika” və s. Deməli, rus dilində də “Araviyskoye more” deyil, ”Arabskoye more” şəklində işlədilməlidir. Çünki “Əl-Ərəbi” adını iki şəkildə tərcümə etməyə heç bir lüzum yoxdur.
Nəzəpə almaq lazımdır ki, myasir dilimizdəki “-istan”, “-ıstan”, “-ustan” və “-üstan” kimi şəkilçilərindən əsasən hər hansı bir xalqın daha çox məskunlaşdığı ərazini, nadir hallarda isə nəyinsə çox olduğu yeri adlandırmaq üçün istifadə edilir: Türkmənistan, Qırğızıstan, Gülüstan və s. Nəyə görə biz fərqinə varmadan “Ərəb dənizi” əvəzinə “Ərəbistan dənizi” işlətməliyik? Axı həmin dənizdə ərəblər yaşamırlar. Sadəcə olaraq onun suları ərəblərin yaşadığı Ərəbistan yarımadasının sahillərini yuyur. Ərəb dilindəki “Əl-Bəhr Əl-Ərəbi” adının mənası “Ərəblərin çox olduğu dəniz” deyil, “Ərəblərə məxsus dəniz” deməkdir. Nəyə görə hələ orta əsrlərdə rus dilində qəbul edilmiş ”məşhur qələti” dilimizdə saxlamalıyıq?
Coğrafiya dərsliklərində, mətbuatda, siyasi ədəbiyyatda “Ərəbistan dənizi” əvəzinə “Ərəb dənizi” adından istifadə edilməsi daha düzgün olardı. Nil çayı ilə Qırmızı dəniz arasındakı səhra rusca “Araviyskaya pustınya” adlandırılır və coğrafiya dərsliklərimizdə “Ərəbistan səhrası” kimi istifadə edilir ki, bu da dəqiqləşdirilməlidr. Çünki ərəb ölkələrində həmin səhra “Şərqi səhra” adlandırılır. Unutmaq olmaz ki, XIX əsrdə mətbuatımızda, tarix kitablarımızda rast gəldiyimiz “Ərəbistan səhrası” tamamilə başqa yerin adı olmuşdur. İranın hazırda Xuzistan adlandırılan əyaləti keçən əsrlərdə “Ərəbistan” adını daşımışdır. Fars dilində həmin ərazidə köçəri ərəblərin yaşadığına görə belə ad verilmişdir. Lakin sonralar ərazi iddialarına son qoymaq məqsədilə İranda həmin adın çəkilməsi qadağan edilmişdir. Son vaxtlar bir sıra ərəb ölkələrində siyasi məqsədlərdən çıxış edərək həmin ərazi barədə bizim işlətdiyimiz “Ərəbistan” sözündən istifadə etməyə başlamışlar.
Şərqşünas alimlər, tərcüməçilər və bə`zi icmalçılar öz yazılarında hazırda mətbuatımızda işlədilən “İran körfəzi” əvəzinə “Fars körfəzi” ifadəsindən istifadə edirlər. Çoxları buna irad tuturlar. Lakin unutmaq olmaz ki, orta əsrlərdən 1935-ci ilədək buraxılmış tarix kitablarımızda, mətbuatımızda, səyyahlarımızın yol qeydlərində məhz “Fars körfəzi” adından istifadə etmişlər. İranda isə indi də “Xəlice-fars” (Fars körfəzi) adından istifadə edirlər. Bəs biz niyə 1935-ci ildən “İran körfəzi” ifadəsindən istifadə edirik? Məsələ burasındadır ki, cənub qonşuluğumuzdakı dövlət rəsmi olaraq 1935-ci ildən “İran dövləti” adlandırılmışdır. O, ingilis dilində “Persian qolf”, rusca “Persidskiy zaliv” şəklində yazılır və işlədilir. Rus dilində “İranskoye naqorye” coğrafi adından istifadə edilir, amma “İranskiy zaliv” işlədilmir. Deməli, 1935-ci ildə dövlətin adı dəyişdirilmiş, körfəzin adına isə toxunulmamışdır. Ümumiyyətlə, körfəz kimi hidronimlərin adlarının dəyişdirilməsinə təsadüf edilmir. 1930-cu illərdə Siam krallığının adı dəyişdirilib “Tailand krallığı” adlandırılmışdır. Siam körfəzi isə indiyədək həmin adı daşıyır. Son yarım əsr ərzində ərəb ölkələrində körfəzin indiki “Əl-Xəlic Əl-Farisi” adının dəyişdirilib “Əl-Xəlic Əl-Ərəbi” adı verilməsinə səy göstərilir. Ərəb ölkələrində “Ərəb körfəzi” adından istifadə edilməsinə baxmayaraq, qeyri-ərəb ölkələrində tarixilik prinsipi əsas götürülərək əvvəlki kimi “Fars körfəzi” adından istifadə edilir. Türkiyədə isə indiyədək ona “Bəsrə körfəzi” deyirlər ki, bu da məntiqə uyğun gəlmir. Çünki Bəsrə şəhəri körfəzdən 141 kilometr şimal-qərbdə yerləşir. Azərbaycan dilində isə tarixi ənənə bərpa edilib “Fars körfəzi” adlandırılması düzgün olardı. Ərəblərlə farsların mübahisələrinin isə nə ilə nəticələnəcəyinin buna tə`siri olmamalıdır.
Son vaxtlar radioda, televiziyada çıxış edən bə`zi şəxslər “Həbəşistan” sözündən istifadə edirlər, “Efiopiya” sözünü işlədənlərə irad tuturlar. Deyirlər ki, dilimizdə klassik şairlərimizin işlətdikləri “Həbəşistan”, “həbəş”, “həbəş dodaqlı” sözləri olduğu halda “Efiopiya”, “efiop” sözlərindən istifadə etmək düzgün deyildir. Lakin onlar bir məsələni unudurlar ki, hələ 1970-ci illərin əvvəllərində Efiopiyanın hakimiyyət orqanları rəsmən bütün müsəlman ölkələrinin, xüsusilə ərəb ölkələrinin rəhbərlərinə müraciət edib onların ölkələrinin “Həbəşistan”, sakinlərinin isə “həbəşlər” adlandırılmasına qarşı e`tirazını bildirmiş və müvafiq olaraq “Efiopiya” və “efioplar” adlandırmağı xahiş etmişlər. Çünki “Həbəşistan” və “həbəşlər” sözlərini özləri üçün təhqir sayırlar. İş burasındadır ki, həmin vaxtadək həmin sözlərdən yalnız müsəlman ölkələrində, xüsusilə ərəb ölkələrində istifadə edilirdi. Ərəb dilində “Əl-Həbəşə” adı “Qara qullar ölkəsi”, “həbəşi” isə “qara qul” mə`nasını verir. O vaxtdan bəri ərəb ölkələrində müvafiq olaraq “Əl-Əsyubiyyə” (Efiopiya) və “əsyubi” (efiop) sözlərindən istifadə edirlər. Bizdə də “Efiopiya” və “efiop” sözlərindən istifadə edilməlidir. Əgər hər hansı bir mətndəsə Məhəmməd peyğəmbərin səhabələrinin, yəni yaxın adamlarının bir hissəsinin Həbəşistana mühacirət etməsindən bəhs edilərsə, onda məhz həmin “Həbəşistan” sözü işlədilməlidir. Həmin ərazidəki müasir dövlətdən söhbət gedərsə, onda oranı yalnız “Efiopiya” adlandırmaq lazımdır.

    “Həyat” qəzeti, 21 fevral 1991-ci il.

HANSI DOĞRUDUR?
(Bir daha “Quliyev” və “Nuriyev” familiyaları haqqında)
Son vaxtlar mətbuatda, televizya verilişlərində “Qulu” və “Nuru” adlarından yaranmış familiyaların “Quluyev” və “Nuruyev” deyil, “Quliyev” və “Nuriyev” yazılmasına irad tuturlar. Bir çoxları bə`zən bunu rus dilindəki yazılış formasının dilimizdə kor-koranə təkrarı kimi izah edirlər.
Hər şeydən əvvəl göstərmək lazımdır ki, izahlı və orfoqrafiya lüğətlərimizə görə Azərbaycan dilində “qulu” və “nuru” sözü yoxdur. Dilimizdə “qul”, “nur”, habelə keçən əsrlərdə yazılmış əsərlərdə işlənmiş “nuri” sözləri vardır. Təqribən 400-500 il bundan əvvəl yayılmağa başlamış “Əliqulu”, “Hüseynqulu”, “Məmmədqulu”, “Rzaqulu”, “Mehdiqulu”, “Nəcəfqulu” və s. kimi mürəkkəb adların ikinci hissəsi son bir əsr ərzində müstəqil ad kimi işlədilmişdir. Bu, ateizm təbliğatına yarınmaqdan daha çox tələffüzü asanlaşdırmaq zərurətindən irəli gəlmişdir. Lakin bunu ədəbi dil norması kimi qəbul etmək nə dərəcədə düzgündür? Ümumiyyətlə, “Qulu” adının mə`nası nədir? Əgər hər hansı bir şəxsin adı islam dininin müqəddəslərindən birinin qulu olması mə`nasında nəzərdə tutulubsa, həmin adı yarımçıq işlətmək mədənilik, dinə ehtiram baxımından düzgün deyil. “Qulu” adı əsasən danışıq dilində işlədilmiş və tədricən yazıya da keçmişdir. Bu familiyadakı “u” hərfinin “i” hərfinə çevrilməsi isə ərəb qrafikası əsasında işlətdiyimiz əski əlifbanın qaydalarından baş vermişdir. Çünki həmin qrafika ilə yazılan mətnlərdə “qulu”, “oğlu”, “dolu”, “boru” və s. kimi əsl Azərbaycan sözləri hazırda işlətdiyimiz şəkildə deyil, ərəb dilindən alınmış və sonu “i” hərfi ilə qurtaran “külli”, “dövri”, “üzvi”, “ciddi” kimi ərəb sözlərinə uyğunlaşdırılaraq “quli”, “oğli”, “doli”, “bori” şəklində yazılırdı. Məsələn, əski əlifba ilə yazılmış kitab, qəzet və jurnallarda bir qayda olaraq “Məmmədqulizadə”, “Abbasquli ağa”, “Mehdiquli bəy”, “Quliyev” kimi ad və familiyalar “i” hərfi ilə verilmişdir. Burada rus dilindəki variantın tə`sirindən danışmaq yersizdir.
“Nuriyev” familiyası isə tamamilə düzgün yazılır. Ərəb dilindən Azərbaycan dilinə “nur” (işıq) və “nuri” (işıqlı, işığa mənsub olan) sözləri keçmişdir. Ərəb dilindən ayrılıqda “nuru” sözü almamışıq və belə bir söz nə ərəb dilində, nə də Azərbaycan dilində yoxdur. Orfoqrafiya və izahlı lüğətlərimizdə də qeydə alınmayıb. Azərbaycanda ayrıca “Nur” adına çox nadir hallarda rast gəlmək olur. “Molla Nur” adı yalnız ədəbi əsərdə qeydə alınıb. “Nur” sözü işlədilən mürəkkəb adlar müxtəlif vaxtlarda kifayət qədər olmuşdur: Nurməmməd, Nurulla, Nurəli, Nurəddin və s. “Nuri” adı isə 1987-ci ildə buraxılmış “Azərbaycan şəxs adları” kitabına salınmamışdır. Elə həmin kitabda bu sözdən düzəldilmiş “Nuriyyə” qadın adı isə vardır. Unutmaq olmaz ki, hələ orta əsrlərdə Nuri Ərdəbili, Nuri Təbrizi kimi şairlərimiz olmuşdur. Bu ad müsəlman xalqları arasında kifayət qədər yayılmışdır. Respublikamızda isə yalnız “Nuriyev” familiyasında saxlanmışdır. Dilimizdəki “gözümün nuru”, “Allahın nuru”, “evimizin nuru” kimi söz birləşmələrinin ikinci hissəsinin müstəqil ad kimi istifadə edildiyini demək ədəbi dil baxımından şübhəlidir. Bir çox qəzet və jurnallarda Türkiyənin siyasi və hərbi xadimi Nuri paşanın adını “Nuru Paşa” şəklində yazırlar ki, bununla da həmin adı təhrif edirlər. Hörmətli artistimiz Yaşar Nurinin bu ada dilimizdə vətəndaşlıq hüququ verməsi cəhdi təqdirəlayiqdir.

    “Həyat” qəzeti, 4 aprel 1991-ci il.

İRSƏ QAYĞI İLƏ YANAŞMALI
Keçmişdə yaşayıb-yaratmış ədiblərimizin sonralar aşkar edilmiş əsərlərini nəşrə hazırlayıb dərc etdirmək, ictimaiyyətə lazımi səviyyədə çatdırmaq həmişə böyük diqqət, qayğı tələb edən çox məs`uliyyətli iş sayılmışdır. Böyük dramaturqumuz C.Cabbarlının ədəbi irsi daim araşdırılır, dərindən tədqiq edilir. İndiyədək adlarına yalnız ədəbiyyat tarixi dərsliklərində, bəzi tədqiqatlarda rast gəldiyimiz “Ədirnə fəthi” və “Ulduz” pyesləri, nəhayət, oxuculara çatdırılmışdır. “Ədirnə fəthi” “Azərbaycan” jurnalının 1989-cu il 3-cü nömrəsində, “Ulduz” isə “Ulduz” jurnalının həmin il 3-cü nömrəsində dərc edilmişdir. Hər iki əsəri Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı A. Rüstəmov çapa hazırlamışdır. Onun həmin əsərlərin işıq üzü görməsi üçün çəkdiyi zəhmət təqdirəlayiqdir. Lakin Cabbarlı irsindən olan bu əsərlərin oxuculara belə qüsurlu şəkildə çatdırılması təəccüb doğurur. İnanmaq olmur ki, hələ yeniyetmə çağlarında gözəl əsərlər yaratmış C.Cabbarlı bu pyeslərdə belə uyğunsuzluqlara yol vermişdir.
Bəlkə də göstərəcəyimiz iradların əksəriyyətini A.Rüstəmovun “Azərbaycan” jurnalında “Ədirnə fəthi” pyesinə yazdığı ön sözdə axtarmaq lazımdır: “Əsərdə müasir imla baxımından təshihlər edilmiş, nisbətən çətin bəzi türk, ərəb və fars sözlərinin izahı verilmişdir.” Hələ 1918-ci ildə ərəb qrafikası ilə yazılmış, o dövrün dil xüsusiyyətlərini əks etdirmiş və Türkiyə tarixinin keşməkeşli mərhələsinin zamanca kiçik bir hissəsindəki hadisələrdən bəhs edən bir əsərə müasir imlamızın qaydalarını yapışdırmaq nə dərəcədə doğrudur? Unutmaq lazım deyildi ki, onun müəllifi Cabbarlıdır! Onu çapa hazırlayan, hər şeydən əvvəl, Cabbarlı mətninin üzünü köçürən şəxsin ərəb qrafikasını nə dərəcədə bilməsini müəyyənləşdirməli, ona münasibətini bildirməli idi.
“Ədirnə fəthi” əsərində oxucuları çaşdıran, anlaşılmazlığa səbəb olan uyarsızlıqlar vardır: “Yarın isə Qars kilsəsinə hərəkət edəcəyik.” Əsərdəki hadisələr Türkiyənin ən qərb ucqarında yerləşən Ədirnə şəhərində cərəyan edir. Döyüşlərin qızğın çağında “yarın isə”, yəni sabah isə Türkiyənin ən şərq bucağındakı Qars kilsəsinə hücuma çağırmaq hərb elmi nöqteyi-nəzərindən ağlabatmaz bir hərəkət tə`siri bağışlayır. Bizcə, ya tədqiqatçı “tərsa” sözünü səhv olaraq “Qars” oxuyub, ya da əsərin üzünü köçürən “tərsa” sözünü başa düşməyib “Qars” yazıb. Ərəb qrafikası ilə yazıb-oxumağı bacaranlar bu iki sözü əlyazmasında asanlıqla səhv salmağın mümkün olduğunu yaxşı bilirlər. Söhbət Ədirnədəki tərsa (xristian) kilsəsindən gedir. Həmin sözdən Xaqanidən tutmuş əsrimizin ortalarınadək yaşamış bir çox şairlər istifadə etmişlər.
Başqa bir yerdə oxuyuruq: “Haydı, əsgər başında ölü üzərinə!” Müəllifin nə demək istədiyi qaranlıq qalır. “Ülüvv” (yüksəklik) sözü səhv olaraq “ölü” kimi oxunmuşdur. Yə`ni, “əsgərlərin önündə yüksəkliklərə doğru irəli!”. Əsərin mənfi obrazlarından olan Xalid Zöhrəni zorla özünə arvad etmək istəyir. Mətndə belə bir cümlə vardır: “Xalid: Muradıma çatmağım və təzvic etməyimdə mənə mən ediyorsan”. O həmin sözləri buna mane olmaq istəyən dostu Kamala deyir. Səhifənin sonunda isə “təzvic” sözünə belə bir izah verilmişdir: “təzvic ərə vermə”. Qəribə izahdır, Xalid Zöhrəni özünə zorla arvad etmək istəyir, izahdan isə belə aydın olur ki, onu başqasına ərə vermək istəyirmiş!
Başqa bir misal: “Silahına təklənməyən bir millət yüksək dağlara belə dayanarsa, nəhayət, yıxılacaqdır.” Burada “təklənməyən” əvəzinə “təkyələnməyən” (arxalanmayan, söykənməyən) sözü olmalıdır. Yaxud: “Fəqət siz bizim sümüklərimizi bir ovuc bolqar canavarlarına çəkan etdiniz.” Həmin “çəkan” sözünə isə belə izah verilmişdir: “çəkan – damızan, damcılayan, daman”. Kor-koranə olaraq “Ərəb və fars sözləri lüğəti”ndən köçürülmüş bu izah da cümlənin mənasını aydınlaşdırmır. Halbuki, ”çəkan etmək” ifadəsinin “atmaq, tökmək” mənası da vardır.
“Yeni həvadis yoxdur” cümləsindəki “həvadis” sözü “hadisələr” kimi şərh edilmişdir. Türk dilində həmin sözün bundan əlavə “xəbərlər, yeniliklər” mənası da vardır və burada məhz “yeni bir xəbər yoxdur” mənasındadır. “Artıq son səadətdə bir kaç kəlmə deyirəm” cümləsində açıq-aydın hiss olunur ki, “səadətdə” deyil, “saətdə” (saatda) olmalıdır. “Qılıncla çox çəkər, tapança işi” cümləsində isə “iyi” (daha yaxşı) sözünün səhvən “işi” getməsi də aydındır.
Mə`lumdur ki, türklərdə “Tofiq” adı yoxdur. Onlarda həmin ad “Tevfik” şəklindədir. “Tofiq” adı isə yalnız azərbaycanlılara məxsus addır. Əsərin qadın qəhrəmanının adını dəqiqləşdirmək lazım idi. Mətndə “Zöhrə” şəklində gedən həmin ad R.Əliyevin “Azərbaycan” jurnalının elə həmin nömrəsində dərc edilmiş “Cabbarlı üslubu” məqaləsində “Ədirnə fəthi” pyesinin qadın qəhrəmanının adı “Zəhra” şəklində təqdim edilmişdir. Çox vaxt bu iki müxtəlif adı mə`na fərqlərinə əhəmiyyət vermədən bir ad kimi eyniləşdirirlər. Tədqiqatçı bunu dəqiqləşdirməli, mübahisələrə son qoymalı idi.
Pyesdə “dəmin”, “yarın”, “umuz”, “çapuq”, “çətə”, “şəka etmək”, “suhan”, “bəkçi takımı”, “sədarət etmək”, “mədfən”, “təərrüz xətti”, “ixtilal”, “metralyoz”, “zəifülqövl” və s. kimi sözlərə və ifadələrə qısa, aydın izahlar verilsəydi, oxuculara böyük kömək göstərilmiş olardı. Bəzi sözləri ərəb qrafikasından müasir əlifbaya çevirərkən səhvlərə yol verilmişdir: “irtibad” (əslində “irtibat” olmalıdır), “ixtişaş” (iğtişaş), “mülhəqq” (mülhəq), “ehtimad” (e`timad), ”intihab” (intixab), “yə`min” (yəmin) və s.
Əsərdə işlədilən “qoca”, “qarı”, “erkək”, “ixtiyar” sözlərinin türk dilində müvafiq olaraq “ər”, “arvad” (“qadın”), “kişi”, “qoca” mənalarında olduğunu və burada da həmin mənalarda işləndiyini xüsusi qeyd etmək lazım idi. Mətndə “nerəyə”, “nerədə”, “zennindəyəm” sözlərinin “nərəyə”, “nərədə”, “zənnindəyəm” variantları da vardır. Jurnalın 134-cü səhifəsindəki “Səslər:” remarkasından sonrakı hərbi əmrlər və komandalar arasında durğu işarələri qoyub hərbi dil qaydalarına müvafiq şəklə salmaq ehtiyacı duyulur.
Türk dilində “x” səsi və hərfi yoxdur. Deməli, əsərdəki “xayır”, “xa, xa, xa”, “ax”, “ox” və başqa nidalar “h” hərfi ilə verilməli idi. Nədənsə, bir obraz bə`zi məqamlarda “gedirəm”, “edirəm” deyir, sonra isə həmin sözləri “gediyoram”, “ediyoram” şəklində tələffüz edir. Qeyd etmək lazımdır ki, remarkalarda “gediyor”, “gəliyorlar” və s. sözlərin türkcə işlənməsinə heç bir lüzum yox idi.
Göstərilən xətaların əksəriyyəti “Ulduz” jurnalında dərc edilmiş “Ulduz” pyesinə də aiddir. Bu əsərdə də xeyli miqdarda sözə izah yazılmalı idi: “mülazim” (leytenant), “müalə” (yaşama), “məbhut” (gizli), “müqabilə etmək” (qarşılamaq), “dövll-müizzimə” (əslində “duvəl-müazzimə” olmalı idi) – (böyük dövlətlər), “molaqat” (görüş), “e`tilaf” (koalisiya), “subay” (zabit), “vapor” (buxar gəmisi), “ric`ət etmək” (geri çəkilmək) və s. “Şurayi-hərb” və “hərbi şura” ifadələrinin hər ikisi eyni mə`nanı verir. Ona görə də həmin dövr üçün daha münasib olanını saxlamaq düzgün olardı. “Cərdən gəlib … məktub gətirmişəm” cümləsindəki “cərdən” sözü əvəzinə “cəryən” (qaça-qaça) olmalı idi. “Bu gün Trablisi başlamaq üçün 24 saat vaxt ultimatum veriblər” cümləsindəki “başlamaq” sözü əvəzinə “boşaltmaq” sözü olmalı idi. “Xəbis heyrətinlə mənə yavuqlaşma!” cümləsindəki “heyrətinlə” əvəzinə “xeyratınla” (xeyirxahlığınla) olmalı idi. Mətndə 14 dəfə məl`un” (lə`nətə gəlmiş) sözü və hamısında da apostrof öz yerində yazılmamışdır. “Mə`lun” şəklində getmiş həmin sözlər “e`lan edilmiş” deməkdir ki, müəllif mətnində belə bir səhvə yol verilməzdi.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68336782) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Bizim gözəl dilimiz Эльдар Мамедов
Bizim gözəl dilimiz

Эльдар Мамедов

Тип: электронная книга

Жанр: Публицистика

Язык: на азербайджанском языке

Издательство: JekaPrint

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Bizim gözəl dilimiz, электронная книга автора Эльдар Мамедов на азербайджанском языке, в жанре публицистика

  • Добавить отзыв