Qala
Arçibald Kronin
Qala, Kroninin bəlkə də ən məşhur kitabıdır; bu, insanın həyat yolunu şəxsiyyətin formalaşmasından və inkişafından başlayaraq acı gerçəkliyin ağırlığı altında parçalanmasına və çökməsinə qədər əhatə edən gözəl, aktual roman-pritçadır.
Əndru Mənson ilk iş yerinə nəcib bir məqsədlə gəlir: mümkün qədər çox insana kömək etmək. O, tibbi gerçəkdən şöhrətləndirə bilənlərdən olmaq istəyir. Hər şey kiçik bir işdən başlayır, lakin Əndru çətinliklər qarşısında geri çəkilmir: bir əyalət şəhərciyində həkim köməkçisi olur, amma əslində özü də həkimdir. Həyat mürəkkəbdir və Əndru bu həyatın meydan oxumasını qəbul edir! Yavaş-yavaş, müxtəlif xəstəxanalarda işləyərək, Əndru başgicəlləndirən bir karyera qurur.
Ancaq bu yüksəlişdə öz “mən”ini tapmaq çətin olur. Uğurlu həkim, tibb sistemini necə dəyişdirmə ilə bağlı qlobal sualları özünə daha gec-gec verir.
Arçibald Kronin
Qala
HƏYATI YAZAN HƏKİM
Arçibald Cozef Kronin
1896-cı il, iyul ayının 19-da Şotlandiyanın Dunbarşir qraflığında – Kardrossda anadan olub. Kronin şotland yazıçısı hesab edilsə də onun atası Patrik Kronin əslən irlandiyalı idi. Bəzi tədqiqatçılar onun ulu babalarının məhz Şotlandiyadan İrlandiyaya köçdüklərini yazırlar. Arçibaldın anası Cessi isə şotland protestantlarından idi. Arçibald ailənin tək övladı idi, maddi cəhətdən imkanlı olduqlarından Kroninlər onun yaxşı təhsil alması üçün hər cür şərait yaratmışdılar.
Amma uşaqlıq illərində həyat onun üçün kədərli sürpriz də hazırlamışdı. 7 yaşı olanda atası vərəmə tutuldu və çox keçmədi ki, öldü. Anası ilə birlikdə çox çətin, maddi sıxıntılar içərisində yaşamağa məcbur qaldılar. Anası kiçik Arçibaldla birlikdə yaşamaq üçün Dambartona – atası Arçibald Monthomerin evinə köçməli olur. Və burada səhiyyə idarəsində inspektor vəzifəsinə işə düzəlir. Bəlkə də bu təsadüflərin nəticəsiydi ki, Arçibald sonradan tibbi sahəyə meyl göstərdi. Əslində isə bu gəncin daxili bütünlüklə həyat enerjisi ilə dolu idi. Və bu üzdən də o bir çox sahələrdə özünü görürdü. Dambarton Akademiyasının tələbəsi kimi o bir sıra konkurslara qatılaraq uğur qazandı. İdmana həvəs göstərsə də, gününü daha çox kitablara həsr edir, oxuyurdu.
1914-cü ildə Arçibald Cozef Qlazqoya gəldi və burada imtahanları verib Qlazqo Universitetinin tibb məktəbinə daxil oldu. Və burada özünün qeyri-adi bacarığı, savadı ilə xüsusu tələbə təqaüdü ilə təmin edildi. Beş illik təhsil illərindən sonra o bir müddət dünya müharibəsində donanmada həkim-cərrah da işlədi. Amma gənc Arçibald dünyanı daha yaxından görmək, insanları olduqları kimi, dərindən tanımaq istəyirdi. Məhz bu istəklərinə görə də gəmi ilə Hindistan səfərinə çıxdı. Amma bu o qədər də uzun sürmədi və o, yenidən Şotlandiyaya qayıtdı.
25 yaşında olanda evlənməyə qərar verdi. O, tibb fakültəsində oxuyan Aqnes Meri Qibsonla (Mey) ailə həyatı qurdu. Kronin özünə ömür-gün yoldaşı seçməkdə yanılmamışdı. Mey həyatı boyu hər bir işdə ərinin yanında olmuş, bir həkim kimi də ərinin bütün tibbi işlərində, təhqiqatlarında ona yardım göstərmişdi. Hətta Kroninin bədii yaradıcılığından da kənarda qalmamışdı. Ərinin əsərlərinin əlyazmalarının üzünün köçürülməsini belə üzərinə götürmüşdü.
Bu izdivacdan Kroninin 3 oğlu dünyaya gəlib: Vinsert, Patrik və Endryu. Arçibaldın həyat tərzi, ailəsi ilə əlaqədar qısaca yalnız onu demək olar ki, o, övladlarına və arvadına həmişə diqqət göstərib. Övladlarının təhsilinə və tərbiyəsinə ciddi yanaşıb.
Yaradıcılığının ən gözəl nümunələrindən biri olan "Qala" romanı avtobioqrafik xarakter daşıyır. Roman Kroninlərin həyatını, onların gənc ailə və yenicə həkimlik fəaliyyətinə başlayan cütlük kimi çətinliklərdən necə keçdiyini, daxili həyəcanlarını oxucunun təsəvvüründə çox ustalıqla canlandırır. Əlbəttə, ola bilməzdi ki, qızğın həyat tərzi keçirən, böyük istedad sahibi, əsərlərində həyatı olduğu kimi əks etdirməyə çalışan, insan duyğularını yüksək bədii dildə təsvir edə bilən Arçibald Kronin yaşadıqlarının, gördüklərinin, hiss etdiklərinin bir parçasını, hansısa hissəsini əsərlərinə gətirməsin. Ümumiyyətlə, yaradıcılığı boyu qondarmaçılıqdan uzaq olan, ən çox həyatın özünü, reallıqları, insan duyğularının ən incə çalarlarını, qüsurları və müsbətlərini qələmə alan Kronin həmişə dünyanın müxtəlif dillərinə tərcümə edilərək böyük tirajlarla çap olunub. Hətta onun bir sıra əsərləri həm İngiltərədə, həm də Hollivudda ekranlaşdırılıb.
Kronin bədii yaradıcılığa 1931-ci ildə yazdığı ilk romanı – "Broudi qəsri" ilə başlayıb. Bu romanın yazılmasının qəribə tarixçəsi də var. Bəlkə də bu əsər heç tamamlanmayacaq, işıq üzü görməyəcəkdi. Səhhətində yaranan problemləri bərpa etmək məqsədi ilə Şotlandiya dağlarına yola düşən Arçibald burada bu romanı yazmağa başladı. Lakin bir müddət sonra əsərin alınmadığını düşünən yazıçı bundan vaz keçdi və əlyazmanı oradaca xəndəklərin birinə atdı. Amma xoş bir təsadüf "Broudi qəsri"ni xilas etdi. Məhz həmin xəndəyi qazan yerli fermerlərdən biri əlyazmanı tapdı və Kronin bundan sonra əsəri tamamladı. Və roman qısa müddət ərzində böyük uğur qazandı.
Bu elə bir uğur idi ki, həm ədəbi mühit, həm də oxucular onu yazıçı kimi qəbul etdilər. Böyük uğur qazanan Kronin artıq həkimlikdən uzaqlaşmağa və bütünlüklə özünü yaradıcılığa həsr etməyə qərar verdi. Bundan sonra, 1935-ci ildə onun ikici romanı – "Ulduzlar aşağı baxır" əsəri işıq üzü gördü. Əsərlərində sosial problemlərdən bəhs etsə də yazıçı çox böyük ustalıqla onları cəmiyyətin problemləri səviyyəsinə qaldıra bilirdi. Bəlkə də yaradıcılığındakı məhz bu məziyyətlərinə görə, bir sıra tənqidçilər onu ingilis tənqidi realizmin ən aparıcı yazıçılarından biri kimi təqdim edirdilər.
Hərçənd onun bir sıra əsərlərində romantika da qabarıq şəkildə özünü göstərirdi. 1937-ci ildə yazdığı "Qala" romanı onun şöhrətini ikiqat artırdı. Roman çox sürətlə yayıldı, oxucuların rəğbətini qazandı və bir sıra dillərə tərcümə olundu. Maraqlıdır, İkinci Dünya Müharibəsi dövründə əsərləri öz mahiyyətinə görə Almaniyada qadağan olunsa da yazıçının kitabları orada da sevilə-sevilə oxunurdu.
Onun "Qala" romanı Birləşmiş Ştatlarda ən çox sevilən əsər kimi ad qazandı. Ümumiyyətlə, onun kitabları ABŞ-da rekord həddə satılırdı. Elə 1958-ci ildə oxucular tərəfindən alınan kitablarının sayı 7 milyonu ötmüşdü. Artıq yazıçının "Gənclik illəri", "İspan bağbanı", "İudanın ağacı", "Səlibçiyə abidə", "Şimal ziyası", "Cib dolusu çovdar"… romanları hər tərəfi əl-əl dolaşırdı.
1939-cu ildə Kronin ailəsi ilə birlikdə ABŞ-a – "yeni dünya"ya köçdü. Amma onun buradakı yaradıcılığını məhsuldar hesab etmək olmaz. Yəni Avropa ilə müqayisədə burada o çox az yazdı. Arçibald əslində Amerikada psixologiya, fəlsəfə, din, Tanrı haqda daha çox öyrənməyə başladı. Dini baxışlarında inkişaf baş verdi. Əvvələr dinə, Tanrıya ciddi yanaşmayan A. Kronin sonradan səhv etdiyinin fərqinə vardı və dini mövzuda esselər, yazılar da yazdı. O, Allahı dərk edərək inandı. Yazıçı "Mən Allaha niyə inanıram?" essesində öz düşüncüləri ilə bağlı açıq etirafda da bulunur. O yazırdı ki, tibbi fakültədə oxuyarkən və təcrübələr keçərkən aqnostik idim: (Aqnostisizim obyektiv aləmin dərk edilməsi ilə bağlı fəlsəfi nəzəriyyə) "Mən Allah haqqında düşünərkən gülməyim gəlirdi". Amma Kronin Uelsdə mömin insanlar arasında təcrübə keçərkən Tanrının, Böyük Yaradanın var olduğunu hiss etməyə başlayıb: "Həyatın mövcudluğunun sərhədləri mənim oxuyub öyrəndiyim kitablarda göstərildiyindən qat-qat geniş idi. Hətta o qədər genişdir ki, mən bunları təsəvvür belə edə bilməzdim. Hər şeydən qabaq özümə inamı itirdim. Bunu özümə etiraf etməsəm də Allahı aramaq yoluna doğru ilk addımlarımı atdım. …Əgər fiziki cəhətdən belə dünyanı öyrəniriksə, biz ilk Yaradanı xatırlamaqdan yayına bilmərik…"
Səyahətləri, sərgüzəştləri sevən yazıçı həmin illər ərzində "yeni" və "qoca" qitə arasında bir neçə dəfə səyahət etdi. Nəhayət yenidən Avropaya qayıtdı. Ömrünün qocalıq illərini isə çox sevdiyi Dambartonda yaşadı. 75 yaşında ikən İrlandiyada yerli müəllimlərin birinə yazdığı məktub onu ürəyindəki duyğuları çox gözəl ifadə edir.
Arçibald yazırdı: "…Əslində mən bütün dünyanı gəzmişəm. Amma bütün səmimiyyətimlə deməliyəm ki, mənim ürəyim Dambartona məxsusdur… Mənim kabinetimdə 17-ci əsrə aid gözəl bir gül qravürü asılıb. Onun üzərində Dambarton qəsri təsvir olunub. Mən hətta böyük həvəslə Dambarton futbol komandasının oyunlarını da izləyirəm…" Kroninin kluba yazdığı məktub bu gün də Dambartonun futbol komandasının meydançasının vestibülündə çərçivənin içərisində asılıb. Arçibald Cozef Kronin ömrünün son 25 ilini elə burada da keçirdi. 84 yaşında – 1981-ci il, yanvar ayının 6-da həyatdan köçdü və doğulduğu torpaqlardan çox uzaqlarda – İsveçrədə, La tur-de-Peylis şəhərciyinin qəbiristanlığında dəfn edildi.
Babək YUSİFOĞLU
BİRİNCİ HİSSƏ
I
1924-cü il, oktyabr günlərinin birində axşam Suonsidən Penoyel vadisinə doğru ağır-ağır sürünən, az qala bomboş qatarın üçüncü dərəcəli vaqonunda kasıbyana geyinmiş cavan oğlan pəncərədən çox maraqla çölə baxırdı.
Şimaldan gələn Mənson bütün gününü yolda keçirmiş, iki dəfə – Karleyldə və Şruzberidə – qatar dəyişmiş, buna baxmayaraq Cənubi Uelsə etdiyi üzücü səfərin axırına yaxın onun həyəcanı nəinki yatmamış, həkimlik fəaliyyətinin başlanması, ölkənin ona tanış olmayan, gözəllikdən məhrum bu guşədə ömründə ilk dəfə aldığı həkim yeri haqqındakı fikirlərdən daha da coşmuşdu.
Çöldə, birxətli dəmiryolunun hər iki tərəfilə ucalan dağların arasında şıdırğı yağış yağırdı, sel-sular hər yeri basmışdı. Dağ zirvələri boz səmada itib-batmışdı, mədənin yarıq-yarıq etdiyi, şlak qalaqlarından eybəcərləşib qara görünən yamaclarda yem axtaran tək-tək çirkli qoyunlar gözə dəyirdi. Bircə kol, bircə ot belə nəzərə çarpmırdı. Çılpaq, quru ağaclar axşam alatoranlığında kabusa oxşayırdı. Yolun döngəsində tökmə emalatxanasının qırmızı ocaqları par-par parlayıb qurşağadək köynəksiz olan bir dəstə fəhləni işıqlandırırdı. Onların çılpaq bədənlərində gərginlik duyulurdu, qolları zərbə endirmək üçün yuxarı qalxmışdı. Döngənin dalında bir-birinin böyrünə qısılmış taxtaüstü qurğular qabağını tez kəsdiyinə baxmayaraq, bu mənzərə müsafirin qəlbində gücün, qüdrətin canlı və xoş təsirini buraxdı. Mənson ciyər dolusu nəfəs aldı. O, gələcəyə bəslədiyi ümiddən doğan ruh yüksəkliyinin birdən-birə bütün varlığını çulğaladığını, ona qeyri-adi bir qüvvə gəldiyini hiss etdi.
Yer üzünə çökən axşam qaranlığı ətrafdakı hər şeyə soyuq, qəmli, kimsəsiz görkəm verdi; yarım saat sonra qatar ucadan fısıldayaraq Penouel vadisində axırıncı şəhər və axırıncı stansiya olan Blenelliyə yaxınlaşdı. Mənsonun səyahəti başa çatdı. O, yol çantasını götürüb vaqonun pilləkənindən yerə atıldı, onu qarşılayan olub-olmadığını bilmək üçün ətrafa diqqətlə göz gəzdirə-gəzdirə perronla irəlilədi. Çıxış yolunda küləyin sanki söndürməyə cəhd etdiyi fənərin altında sarımtıl sifətli, dördkünc papaqlı, gecə köynəyi kimi gen və uzun makintoş geymiş bir qoca intizarla dayanmışdı. O, Mənsonu qaşqabaqlı gözdən keçirib, könülsüz dilləndi:
– Doktor Peycin təzə köməkçisi sizsiniz?
– Tamamilə doğrudur, Mənson. Mənim adım Əndru Mənsondur.
– Uhu, – qoca səsləndi. – Mənim adım Tomasdır, qoca Tomas, – bu avaralar məni çox vaxt belə çağırırlar. Mən qazalaqda gəlmişəm. Üzə-üzə getmək meyliniz yoxsa, oturun gedək.
Mənson çantasını götürüb arıq qara at qoşulmuş köhnə qazalağa mindi. Tomas da onun ardınca qazalağa qalxdı, cilovları yığışdırıb ata müraciət etdi:
– Hə, getdik, Teffi!
Onlar şəhərin içi ilə irəliləyirdilər. Əndru ətrafı daha yaxşı nəzərdən keçirməyə nə qədər çalışırdısa da şəhər leysan yağış pərdəsi arasından uca dağların ətəyinə sığınmış yastı, xırda, boz evlərin səliqəsiz qalağı kimi görünürdü. Bir neçə dəqiqə qoca sürücü dinməz oturub, kənarlarından şırhaşır su tökülən şlyapasının altından qaşqabaqla Əndruya baxdı. Büzüşüb oturmuş, səliqəsiz geyinmiş bu arıq adam firavan yaşayan doktorun şıq geyinən faytonçusuna qətiyyən oxşamırdı, ondan qaxsımış mətbəx piyinin kəsif iyi gəlirdi. Nəhayət o, dilləndi:
– Görünür dərsinizi təzəcə başa vurmusunuz, hə?
Əndru başını tərpətdi.
– Düz bilmişəm! – Qoca Tomas kənara tüpürdü. Öz fərasətindən razı qaldığı üçün bir qədər açıldı, mehribanlaşdı. – Axırıncı köməkçi on gün olar ki, gedib. Burada çox qalan adam az tapılar.
Əsəbi həyəcan keçirdiyinə baxmayaraq Əndru gülümsündü:
– Axı niyə?
– Birincisi ona görə ki, iş çox ağırdır… .
Bəs ikincisi?
– Özünüz görərsiniz.
Bir qədər keçəndən sonra Tomas möhtəşəm bir kilsəni turistlərə göstərən bələdçi kimi qamçısını qürurla qaldırıb xırda evlərin sırasında, işıqlı qapısından buxar burumları çıxan axırıncı evlərdən birini göstərdi.
– Görürsünüzmü? Orada arvadımla qızardılmış kartof satırıq. Həftədə iki dəfə qızardırıq. Hərdən təzə balığımız da olur, – Gizlətməyə çalışdığı təbəssümdən uzun üst dodağı qaçdı. – Məncə belə şeyi bilmək pis olmaz, tezliklə karınıza gələr.
Onlar baş küçənin axırına çatıb, kiçik və kələ-kötür bir küçəyə döndülər. Qazalaq başqa evlərdən xeyli aralı, üç şam ağacının arxasındakı evə doğru uzanan kimsəsiz dar xiyabanda silkələndi. Alaqapının üstündə, "Brinqouer" yazılmışdı.
Tomas atı saxlayıb dedi:
– Budur, gəlib çatdıq.
Əndru qazalaqdan düşdü. O, təqdim olunmaq üçün özünü yığışdırmaq istəyirdi ki, qapı taybatay açıldı, bir dəqiqədən sonra o özünü işıqlı dəhlizdə onu salamlayan qırx yaşlarında dilli-dilavər, kök, üzü gülümsər bir qadının qarşısında gördü; qadının oynaq gözləri par-par parıldayır, yanaqları işıldayırdı.
– Aha, siz yəqin doktor Mənsonsunuz. Keçin içəri, əzizim, keçin içəri. Mən doktorun arvadı missis Peycəm. Ümidvaram ki, yol sizi yormayıb, eləmi? Çox şadam ki, gəlib çıxdınız. Bizdə axırıncı dəfə xidmət etmiş o dözülməz vücud çıxıb gedəndən sonra mən az qala dəli olacaqdım. Heyif ki, onu görmədiniz! Elə bədxərcdi ki, gəl görəsən! Ömrümdə eləsinə rast gəlməmişəm! İndi ki, siz gəlib çıxmısınız, hər şey qaydasına düşər. Gedək, sizi otağınıza ötürüm.
Əndrunun yuxarıdakı otağı çox balaca, darısqaldı, burada bürünc çarpayı, üzünə lak çəkilmiş sarı kamod, bir də üstünə dolça və əl-üz yumaq üçün ləyən qoyulmuş bambuq masa vardı.
Ev sahibəsinin girdə, qara gözləri doktorun üzünün ifadəsini diqqətlə izlədiyi müddətdə Əndru ətrafa göz gəzdirib süni bir nəzakətlə dedi:
– Nə olar ki, missis Peyc bura çox rahatdır.
– Bəli, əlbəttə, – deyib, qadın gülümsədi və gəncin çiynini mehribanlıqla sığalladı. – Əzizim, siz burada əla yaşayarsınız. Mənə münasibətiniz yaxşı olsa, mən də sizə yaxşı münasibət bəslərəm. Açıq danışıram, elə deyilmi? Hə, indi gedək, elə bu dəqiqə sizi doktor Peyclə tanış edim. – O, ayaq saxlayıb gəncin gözlərinin içinə eləcə diqqətlə baxa-baxa, sərbəst danışmağa çalışaraq, dilləndi: – Yadımda deyil sizə yazmışam, ya yox, doktor… son vaxtlar özünü o qədər də yaxşı hiss etmir.
Əndru birdən təəccüblə ona baxdı. Bir söz deməyə macal tapmamış qadın tələsik sözünə davam etdi:
– Eh… elə ciddi bir şey yoxdur. Cəmi bir-iki həftədir ki, yatağa düşüb. Tezliklə sağalacaq. Buna heç bir şübhə ola bilməz.
Karıxmış Əndru dəhlizin axırınadək onun ardınca getdi. Qadın burada qapılardan birini açıb sevinclə çığırdı:
– Edvard, budur bizim yeni köməkçimiz doktor Mənson! O səninlə göruşməyə gəlib.
Əndru pəncərələri məxmər qaytanlı qalın pərdələrlə kip örtülmüş, buxarısında cüzi kömür yanan köhnə dəbdə yığışdırılmış uzunsov yataq otağına daxil olanda Edvard Peyc yatağında ağır-ağır çevrildi, – bunu çox çətinliklə etdiyi açıq-aşkar görünürdü. Bu, açıq rəngli yorğun gözlərlə baxan, sifəti dərin qırışlardan yarıq-yarıq olmuş altmış yaşlarında, ucaboy, arıq bir kişi idi. Üzündə iztirab və nə isə bir məşəqqət, üzüntü kölgəsi vardı. Hələ bu, harasıdır ki! Lampanın yastıq üstünə düşən işığında görünürdü ki, sifətinin yarısı mum kimi sapsarı və hərəkətsizdir. Bədəninin sol tərəfi tamam iflic olmuşdu, ala-bəzək parçalardan tikilmiş yorğanın üstündə uzadılmış sol qolu elə əyilmişdi ki, sarıya çalan əcaib bir şişə oxşayırdı. Ağır və heç də təzə olmayan iflicin bütün bu əlamətlərini görən Əndru birdən-birə dəhşətə gəldi. Araya darıxdırıcı bir sükut çökdü. Nəhayət, doktor Peyc dilləndi.
– Ümidvaram ki, bura xoşunuza gələr. – O, ağır-ağır, hər kəlməni uda-uda, çətinliklə danışırdı. – Bir də ki, işin öhdəsindən gəlməyə gücünüz çatar. Siz hələ çox cavansınız.
– Ser, mənim iyirmi dörd yaşım var, – deyə Əndru süni tərzdə etiraz etdi. – Əlbəttə, bu, mənim ilk xidmət yerimdir… Bir də mən işdən qorxmuram.
Missis Peyc bu sözlərdən xoşallanıb gülümsündü:
– Gördün, Edvard! Mən sənə demədim bu dəfə gələcək köməkçidə bəxtimiz gətirəcək?!
Peycin üzü daha da donuqlaşdı. O, bir müddət gözlərini Əndruya dikib durdu. Sonra onunla maraqlanmırmış kimi yorğun halda dedi:
– Ümidvaram ki, bizi qoyub qaçmazsınız.
– İlahi! Bu nə sözdür?! – deyə missis Peyc səsləndi. Sonra üzünü Əndruya çevirib təbəssümlə üzr istədi. – Bu, ondandır ki, bu gün bir balaca kefi yoxdur. Tezliklə yataqdan qalxar, təzədən işə başlar. Elə deyilmi, əzizim? – O, əyilib ərini bərk-bərk öpdü. – Yaxşı, sən dincəl. Biz yeyib qurtaran kimi, Enni sənə də şam yeməyi gətirər.
Peyc heç bir söz demədi. Üzünün yarısı daş kimi hərəkətsiz olduğundan ağzı da elə bil əyilmişdi. Sağlam əli çarpayısının yanında qoyulmuş kiçik masanın üstündəki kitaba sarı uzandı. Əndru kitabın adını oxudu: "Avropanın vəhşi quşları". Xəstə, kitabı oxumağa başlamamış, təzə köməkçi artıq getmək vaxtı olduğunu başa düşdü.
Əndru şam etmək üçün aşağı enəndə halı çox pərişandı. O, "Lanset" qəzetindəki elana cavab verərək bu həkim köməkçisi yerini almışdı. Lakin missis Peyclə məktublaşarkən qadın, doktor Peycin xəstəliyindən bir kəlmə də olsun yazmamışdı. Halbuki, Peyc, şübhəsiz, çox ağır xəstədir, onu işləmək qabiliyyətindən məhrum etmiş beyinə qan sızmasının bütün əlamətləri göz qabağındadır. O, təzədən işləyə bilmək vəziyyətinə gəlib çatıncayadək kim bilir neçə ay keçəcəkdir, bu vəziyyətə çatması da hələ müşkül məsələdir.
Əndru güc-bəla ilə bu xoşagəlməz məsələ barədə düşünməkdən əl çəkdi. Hər halda o, gəncdir, sağlamdır, Peycin xəstəliyi üzündən öhdəsinə bir qədər çox iş düşəndə nə olar ki! Həkimliyə təzə başladığından o, xəstələrin axın-axın yanına gəlməsini arzulayırdı.
Özünü tələsik halda yemək otağına salan missis Peyc fərəhlə bildirdi:
– Əzizim, bəxtiniz gətirdi! Bu gün siz birbaşa şam edə bilərsiniz. Ambulatoriyada qəbulunuz olmayacaq. Əvəzinizdə bütün işləri Dey Cenkins görüb.
– Dey Cenkins?
– Bəli, o bizim aptekçidir, – deyə missis Peyc başdansovma izah elədi. – Əlindən hər iş gəlir. Karagələn adamdır. Hətta bəziləri onu "doktor Cenkins" də çağırırlar. Əlbəttə, onu doktor Peyclə qətiyyən müqayisə etmək olmaz. On gündür ki, o, xəstələri ambulatoriyada qəbul edir, hətta xəstə üstünə, evlərə də gedir.
Əndru yenə çaşıb qalaraq gözlərini qadına dikib durdu. Uelsin bu ucqar guşələrində tibbi məsələlərin çox şübhəli vəziyyət alması haqqında ona deyilən bütün sözlər, edilən xəbərdarlıqlar yadına düşdü. Dinməmək, danışmamaq üçün o, yenidən özünü zorlamağa məcbur oldu.
Missis Peyc masanın yuxarı başında, arxası sobaya əyləşdi. Yastıqlı kreslosunda yerini yaxşıca rahatlayıb, şam yeməyindən alacaq həzzi qabaqcadan duyaraq ləzzətlə burnunu çəkdi, önündəki zəngi qaldırıb çaldı. Şam yeməyini yaşlı, solğun üzü təmiz yuyulmuş xidmətçi qadın gətirdi; o içəri girən kimi Əndruya gizli bir nəzər saldı.
Missis Peyc yumşaq bulka diliminə yağ sürtüb onu ağzına dürtərək ucadan dedi:
– Enni, bu, doktor Mənsondur.
Enni heç nə demədi. O, bişmiş, soyuq döş ətinin nazik bir dilimini ehtiyatla, Əndrunun boşqabına qoydu. Onu da deyək ki, missis Peycin şam yeməyi üstünə soğan doğranmış isti bifşteksdən və bir parç pivədən ibarətdi. Ona təqdim olunan ayrıca boşqabın qapağını qaldırıb yumşaq əti kəsməyə başlayan qadın səbirsizliklə dodaqlarını yalayaraq, izahat verməyi lazım bildi:
– Doktor, bu gün səhər pis yemişəm. Bundan başqa mən xüsusi pəhriz saxlayıram. Qan azlığından ötrü. Elə buna görə də yemək vaxtı bir damcı pivə də içməli oluram.
Əndru lifli quru döş ətini qətiyyətlə çeynəməyə, hər tikəni bir qurtum soyuq su ilə içəri ötürməyə başladı. İlk dəqiqələrdə yaranan əsəbilik keçəndən sonra onda təbiətinə xas olan yumor hissi baş qaldırdı. Missis Peycin səhhətinin zəifliyindən şikayəti onun zahiri görkəmi ilə elə kəskin ziddiyyət yaradırdı ki, Əndru özünü qəhqəhə çəkib gülməkdən güclə saxladı.
Şam yeməyi zamanı missis Peyc çox yeyir, az danışırdı. Nəhayət, bifşteksin işini bitirib, bir parça çörəklə boşqabı yaxşıca təmizlədi, pivənin qalığını başına çəkdikdən sonra dodaqlarını marçıltı ilə yalayaraq kreslonun söykənəcəyinə yayxandı. Bir balaca təngnəfəs olmuşdu. Yumru yanaqları alışıb-yanır, par-par parıldayırdı. Görünür, onun bir qədər də süfrə başında oturub ürəyini boşaltmaq meyli vardı, bəlkə də təbiətinə xas olan həyasızlıqla Mənson haqqında bilmək istədiklərinin hamısını ondan qoparmağa ümid bəsləyirdi.
Onun qarşısında arıq, yöndəmsiz, lakin qıvraq, şux, almacıq sümükləri çıxmış, qarasaç, qəşəng ağızlı, göy gözlü bir gənc oturmuşdu. Gözlərini qaldıranda onların qəti, sakit, sınayıcı ifadəsi üzünün əsəbi gərginliyi ilə çox qəribə bir təzad yaradırdı. Bundan tamam xəbərsiz olan Bloduen Peyc öz qarşısında keltin əsl nümunəsini görürdü. Əndrunun üzündə ifadə olunan əzmi və iti ağlı qiymətləndirən qadın, ona verilən üç gündən qalma gön kimi bərk cüzi ət payını itaətlə qəbul etdiyindən çox razı qaldı. Missis Peyc bu qərara gəldi ki, təzə köməkçi zahirən ac adama oxşasa da, onu yedirmək çətin olmaz.
Qadın baş sancağı ilə dişlərini qurdalayaraq fərəhlə bildirdi:
– Əminəm ki, sizinlə gözəl dolanarıq. Daha bəsdir, müxtəliflik üçün mənim də bəxtim bir balaca gətirməlidir axı.
Missis Peyc mütəəssir olaraq Əndruya qayğılarından, müsibətlərindən danışmağa başladı, sözgəlişi burada həkimlərin iş şəraiti barədə bəzi məlumatlar verdi:
– Ah, əzizim, bu, əsl dəhşətdi, dəhşət! Siz heç təsəvvür edə bilməzsiniz… Doktor Peycin xəstəliyi, bir-birindən pis olan köməkçilər, heç bir gəlir yox, ancaq bolluca xərc… Siz inana bilməzsiniz ki, mən necə iztirab çəkirdim!.. Bu yandan da mədənin direktorunu və rəhbərliyini dilə tutub razı salmaq lazımdı, – axı fəhlələrin müalicəsi üçün haqqı onların vasitəsilə alırıq. – Tələsik əlavə etdi: – Haqq da ki, nə haqq?! Qəpik-quruş!.. Görürsünüzmü, bizim bu Blenellidə belə qayda-qanunlar var. Mədənin idarə heyəti ştata üç həkim salıb, amma unutmayın ki, onlardan ən yaxşısı, şübhəsiz, doktor Peycdir. Özü də, o, burada lap çoxdan işləyir. Otuz ildən çoxdur, – zarafat deyil! Bəli, deməli həmin üç doktor özünə nə qədər istəsə köməkçi götürə bilər. Doktor Peycin köməkçisi sizsiniz, doktor Nikolsun özündən çox razı olan Denni familiyalı bir köməkçisi var. Lakin köməkçilər mədəndə xidmət etmirlər, onların adı siyahıya düşmür. Bayaq dediyim kimi, idarə heyəti mədəndə və daş karxanasında işləyən hər fəhlənin maaşından müalicə üçün pul çıxır, həmin pulları neçə xəstəyə xidmət etdiyindən asılı olaraq ştatlı həkimlərə verir.
O, dayandı: bu ətraflı izahat onun dayaz ağlını və dolu mədəsini həddən çox yordu.
– Missis Peyc, deyəsən, buradakı bütün qayda-qanunlarınız artıq mənə aydın oldu.
– Lap yaxşı! – Qadın adətincə şən qəhqəhə çəkib güldü.– Siz gərək daha heç nədən narahat olmayasınız. Bircə şeyi yadınızda saxlayın ki, siz doktor Peyc üçün işləyirsiniz, bunu unutmasanız onun zavallı arvadı ilə çox yaxşı yola gedə bilərsiniz!
Qadına dinməzcə göz qoyan doktor Mənsona elə gəldi ki, missis Peyc onda özünə qarşı şəfqət, mərhəmət hissi oyatmaq, eyni zamanda onu öz təsiri altına salmaq istəyir, həm də bütün bunları qayğısız mehribanlıq pərdəsi altında edir. Qadın bəlkə də lap ağ elədiyini özü də duydu, belə ki, saata baxıb qəddini düzəltdi, bayaqdan dişqurdalayan kimi istifadə etdiyi sancağı təzədən yağlı, qara saçlarına taxdı. Sonra qalxdı. Bu dəfə dediyi sözlər tamam başqa tərzdə, az qala amiranə səsdəndi:
– Yaxşı yadıma düşdü: Qlayder-pleys, yeddi nömrəli ünvana, xəstə üstünə getmək lazımdır. Saat beşdən sonra xəbər veriblər. Elə indi getsəniz daha yaxşı olar.
II
Əndru özündə bir yüngüllük hiss edərək dərhal xəstə üstünə yollandı. "Brinqouer"ə, gəlişi ilə əlaqədar onda baş qaldırmış qəribə və ziddiyyətli fikirlərdən, duyğulardan müvəqqəti də olsa ayrılması üçün fürsət düşdüyünə sevindi. Burada işlərin əslində necə qurulduğu və Bloduen Peycin xəstə ərinin bütün praktikasını onun üstünə yükləmək fikrində olduğu barədə onda artıq dumanlı şübhələr oyanmağa başlamışdı. Vaxtilə təsəvvüründə canlandırdığı romantik lövhələrə əsla oxşamayan gözlənilməz vəziyyət yaranırdı. Bir də axı, onun üçün əsas məsələ işi idi, qalanlar – boş şeylərdi. O, həmin işə başlamağa tələsirdi. Özü də hiss etmədən addımlarını yeyinlətdi: onun bütün varlığı sim kimi gərilmişdi. O, nəhayət, əsas işin başlandığını – ilk xəstə üstünə getdiyini düşünərək sevincək olmuşdu.
Mənson palçıqlı, qaranlıq boş sahəni keçib, Çepel-stritlə missis Peycin ona əməlli-başlı izah etmədiyi istiqamətdə irəlilədiyi zaman yağış hələ də yağırdı. Küçələrindən keçdiyi şəhər qaranlıq içindən dumanlı halda qarşısında peyda olurdu. Dükanlar, bir düjinə qədər saydığı sektant kilsələri – Sion, Gebron, Vefil[1 - Qədim yəhudilərdə Allah evi.], Vefizda[2 - Qədim yəhudilərdə Mərhəmət evi.] kilsələri, sonra böyük kooperativ universal mağaza, Qərb bankının şöbəsi… Bütün bunlar vadinin lap dibində yerləşmiş yeganə baş küçə boyu uzanıb gedirdi. Şəhərin dağlar arasındakı yarğanın dibində gömüldüyünü görüb, bu barədə fikirləşdikcə adam lap dilxor olurdu.
Küçədə çox az adam vardı. Çepel-stritdən hər iki tərəfə düzbucaq altında göy damlı evlərin saysız-hesabsız sırası uzanırdı. Bunlar fəhlələrin evləri idi. Uzaqlarda, vadinin girəcəyində gematit[3 - Qırmızı dəmir filizi, “qanlı filiz”.] mədənləri və zavodları görünürdü, orada alovların şəfəqi qaranlıq səmaya nəhəng yelpinc kimi yayılmışdı.
Mənson Qlayder-pleysdəki yeddi nömrəli evə çatıb tövşüyə-tövşüyə qapını döydü. Onu dərhal içəri buraxıb mətbəxə gətirdilər, burada taxçaya yerləşdirilmiş çarpayıda xəstə bir qadın uzanmışdı. Bu cavan qadın pudlinqçi Vilyamsın arvadı idi. Mənson ürəyi bərk döyünə-döyünə yatağa yaxınlaşdı, həyatında, nəhayət, həlledici anın gəlib çatdığını fikirləşincə həyəcandan dizləri zəiflədi, əsdi. Axı professor Lemplaf öz palatasında xəstələri nümayiş etdirərkən, tələbələr arasında durub onu dinləyən Mənson bu anı təsəvvüründə nə qədər canlandırmışdı! İndi ətrafda ona kömək edə biləcək adamlar yoxdu, ona heç kəs izahat vermirdi. O, tək-tənha, özü diaqnoz qoymaq, heç kəsin köməkliyi olmadan xəstəni sağaltmaq zərurəti ilə baş-başa qalmışdı. Birdən-birə ani və kəskin qorxu hissi ilə o, təcrübəsizliyini, əsəbiliyini, belə bir vəzifənin öhdəsindən gəlməyə qətiyyən hazır olmadığını dərk etdi.
Yarıqaranlıq daş döşəməli, darısqal, mətbəxdə dayanan ərinin yanındaca o, xəstə qadını hərtərəfli, diqqətlə müayinə etdi. Xəstəliyin ciddiliyinə şübhə yoxdu. Qadın dözülməz baş ağrısından şikayətlənirdi. Hərarəti, nəbzi, dili – hər şey onun ağır xəstəliyə tutulduğunu göstərirdi. Qadını ikinci dəfə müayinə edən Əndru bütün diqqətini toplayıb gərginliklə özünə bu sualı verirdi: axı bu hansı xəstəlikdir? İlk xəstə!
O, əlbəttə, əlindən gələni edəcək… lakin yanılsa, qaba bir səhvə yol versə onda necə? Ondan da pisi – diaqnoz qoya bilməsə? Xəstəni müayinə edərkən o heç bir şeyi nəzərdən qaçırmadı. Heç bir şeyi! Bununla belə məsələnin həllini tapa bilmirdi. Bütün xəstəlik əlamətlərini fikrən bir yerə toplayıb onları məlum xəstəliklərdən birinə şamil etməyə çalışdı. Nəhayət, müayinəni uzatmağın mümkün olmadığını hiss edərək, o, asta-asta qəddini düzəltdi, stetoskopunu hissələrə ayırıb gizlətdi, lakin o, hələ də nə deyəcəyini bilmirdi. Gözlərini döşəməyə dikib soruşdu:
– Görünür özünü soyuğa verib, hə?
Bütün müayinə müddətində üzündə qorxu ifadəsi olan Vilyams cəld təsdiq etdi:
– Bəli, doktor, tamamilə doğrudur, üç-dörd gün olar. Doktor, mən əmindim ki, bu soyuqdəymədir.
Əndru başını tərpədib bütün varlığı ilə bu adama özündə hiss etmədiyi bir inam aşılamağa çalışdı. O, mızıldandı:
– Tezliklə onu ayağa qaldırarıq. Yarım saatdan sonra ambulatoriyaya gəlin, onun üçün dərman verim.
O, xudahafizləşib çıxdı, başını aşağı salıb fikirləşə-fikirləşə gəlib ambulatoriyaya çatdı. Ambulatoriya Peycgilin evinə doğru uzanan xiyabanın lap başlanğıcında qərar tutmuş yarıuçuq taxta tikili idi.
Əndru içəri girib qazı yandırdı, toz basmış rəflərdəki göy və yaşıl butulkalar arasında var-gəl edərək həmin məsələ üstündə yenə baş sındırmağa, onun düzgün həllini, xəstəliyin kökünü axtarmağa başladı. Xəstəliyin ümumi mənzərəsində simptomatik heç bir şey yoxdu. Bəli, bu, gərək ki, soyuqdəymədir.
Lakin Əndru qəlbinin dərinliyində bilirdi ki, bu, soyuqdəymə deyil. Öz bacarıqsızlığına hirslənən qorxmuş gənc həkim ümidsizlikdən inlədi. O, fikirləşdi ki, diaqnoz qoymağı hələlik təxirə salmalı, bir müddət gözləməlidir. Professor Lemplafın klinikasında belə qaranlıq, çətin vəziyyətlərdən ötrü üstündə nəzakətlə "Qeyri-müəyyən mənşəli Pyrexia"[4 - Pyrexia – qızdırmalı vəziyyət.] sözləri yazılmış zərif kartoçkalar olurdu. Belə diaqnoz, həm düzgündü, həm də qeyri-müəyyəndi, həkimin boynuna məsuliyyət qoymurdu, əsası da budur ki, çox gözəl və elmi səslənirdi!
Əndru tamam ruhdan düşmüş halda aptek piştaxtasının altındakı qutudan altı unsiyalı bir şüşə götürüb qaşqabağını tökərək fikirli-fikirli qızdırma salan dərman hazırlamağa başladı. Spiritus aetheris nitrosi, salisil natrium – bu zəhrimar natrium salisil harda itib-batıb? Aha, burda imiş ki! O, özünə ancaq bununla təskinlik verməyə çalışırdı ki, bütün bunlar çox gözəl, təsirli dərmanlardır, qızdırmanı mütləq salmalı, xəstənin halını yaxşılaşdırmalıdır. Professor Lemplaf tez-tez deyərdi ki, salisil natriumdan yaxşı, qiymətli dərman yoxdur.
Sulu dərmanı təzəcə hazırlayıb qurtarmış Əndru özündən bir qədər razı halda siqnaturanı yazırdı ki, zəng çalındı, qapı küçə tərəfdən açıldı və orta boylu, enli kürəkli, dolu bədənli, qırmızı sifətli, otuz yaşlarında bir kişi içəri girdi, dalınca da bir it. Araya çökən sükutu bir müddət heç kəs pozmadı. Qarışıq cinsli qara-kürən rəngli it palçıqlı dal pəncələri üstə çömbəlib oturdu, çiyinlərinə saldığı yaş müşəmbə plaşının altından nimdaş məxmər kostyumu, uzun şaxtaçı corabları və mıx vurulmuş başmaqları görünən sahibi isə Əndrunu başdan-ayağadək gözdən keçirməyə başladı. Kişi danışmağa başlayanda səsinin ahəngində incə bir istehza və adamı əsəbiləşdirən ədəb-ərkan duyulurdu.
– Burdan keçirdim, pəncərədə işıq gördüm, buna görə də sizə baş çəkmək, sizinlə tanış olmaq qərarına gəldim. Mən – Denniyəm, A.C.L.V. möhtərəm doktor. Nikolsun köməkçisi. Bu da (əgər bilmirsinizsə) "Aptekçilər cəmiyyətinin lisenziya verəni" deməkdir. Bu, allaha və insanlara məlum olan adların ən yüksəyidir.
Əndru ona bir qədər şübhə ilə baxdı. Filipp Denni cibindən çıxartdığı əzik kağız paçkadan papiros götürüb alışdırdı, kibriti yerə tulladı, saymazyana yaxına gəldi. Dərman dolu butulkanı əlinə aldı, resepti və dərmandan istifadə qaydasını oxudu, şüşənin ağzını açıb iylədi, təzədən tıxacla bağlayıb yerinə qoydu. Onun qaşqabaqlı qırmızı sifəti mülayimləşdi, razılıq ifadə etdi.
– Çox gözəl! Siz artıq işə başlamısınız! "Hər üç saatdan bir xörək qaşığı". Ey mərhəmətli allah, bütün həkimlərin səcdəgahı olan bu sevimli kəlamlara təzədən rast gəlmək necə də xoşdur! Bəs, doktor, nə üçün gündə üç dəfə yox, üç saatdan bir? Bəs sizə məlum deyilmi ki, ciddi ortodoksal qaydalara görə bir qaşıq dərman qida borusundan gündə üç dəfə keçməlidir? – O, sözlərinə ara verdi, süni ciddiliyində yüngül istehza daha çox hiss olunurdu… – Doktor, indi mənə deyin görüm bura nə daxildir? İyindən bilirəm ki, Spiritussaethevis nitrosi-dir. Qiyamət şeydir! Çox gözəl, əziz doktor, çox gözəl.
Bu, həm sidikqovan, həm yelqovan, həm də can bərkidən dərmandır. Onu lap çəlləklə də içmək olar. Qırmızı kitabçada yazılanlar yadınızdadırmı? Şübhəli vəziyyətlərdə xəstəyə Spiritus nitrosi yazın. Yoxsa bu yodlu kaliuma aiddir? Paho, deyəsən, mən bəzi çox vacib şeyləri yaddan çıxarmışam axı!
Taxta daxmaya təzədən sükut çökdü, onu ancaq dəmir damı döyəcləyən yağışın taqqıltısı pozurdu. Özünü itirmiş Əndrunun çaşqın vəziyyətindən ləzzət alan Denni birdən qəhqəhə çəkib gülərək, istehza ilə dedi:
– Yaxşı, elmi bir yana qoyaq, doktor. İndi siz gərək məni maraqlandıran bir suala cavab verəsiniz, bura niyə gəlmisiniz?
Hirs Əndrunu getdikcə daha çox boğurdu. O, qaşqabaqla cavab verdi:
– Mən Blenellini kurorta – mineral suları çağlayan kurortvarı bir şeyə çevirmək istəyirdim, başa düşürsünüzmü?
Denni təzədən qəhqəhə çəkdi. Bu gülüş Əndrunu təhqir edir, onda Denniyə şillə ilişdirmək arzusu oyadırdı.
– Ağıllı cavabdır, mənim əziz doktorum, ağıllı cavabdır. Buxar katoku kimi yüngül, əsl şotland yumoru! Təəssüf ki, buranın suyunu kurort üçün tamam yararlı su kimi sizə məsləhət görə bilmərəm. Tibb işçiləri məsələsinə gəldikdə isə, əziz doktor, deyə bilərəm ki, bizim vadidə bu şanlı və doğrudan da nəcib peşənin nümayəndələri tör-töküntüdən başqa bir şey deyil.
– Siz də o cümlədən?
Denni başını tərpətdi:
– Tamamilə doğrudur!
O, kürəntəhər qaşları altından Əndruya baxaraq bir dəqiqəyədək susdu. Sonra kifir sifətindən istehzalı ifadə yox oldu, o, təzədən qaşqabağını tökdü. Bu dəfə səsinin ahəngi yanıqlı və ciddi idi:
– Bura baxın, Mənson! Mən belə bilirəm ki, Blenelli sizin üçün Harli-stritə gedən yolun ancaq bir mərhələsidir, lakin nə qədər ki, burdasınız, bu yer haqqında bəzi şeyləri bilsəniz pis olmaz. Siz görəcəksiniz ki, bura yaxşı romantik ənənələrə cavab vermir. Burada nə xəstəxana, nə təcili yardım kareti, nə rentgen şüaları var! Xəstə üzərində cərrahiyyə əməliyyatı aparmaq lazım gələndə bu işi mətbəx masası üstündə görür, sonra da əllərini qab-qacaq yuyulan tasda yuyurlar. Sanitariya şəraiti heç tənqidə də layiq deyil. Quru yay aylarında uşaqlar vəbadan milçək kimi qırılırlar. Patronunuz Peyc çox böyük təcrübəyə malik qoca həkimdi, lakin onun işi artıq bitib, onu Bloduen parçalayıb uddu, bundan belə doktor Peyc heç vaxt işləyə bilməyəcək. Mənim patronum Nikols həkim yox, adicə olaraq acgöz və xəsis mamaçadır. Bremvel, Gümüş kral bir neçə sentimental kəlamdan və Solomonun "Nəğmələr nəğməsi"indən başqa heç nə bilmir. Qaldı ki, mən… Mən yaxşı günlərin yetişməsini gözləyə-gözləyə möhkəm içirəm. Hə, bir də sizin fağır aptekçiniz Cenkins. O, qıyamət işlər görür, xəlvətcə qadın xəstəliyindən müalicə üçün qurğuşun həb alveri edir. Hə, deyəsən, hər şeyi dedim. Gedək Qoukins! – O, itini səsləyib ağır addımlarla qapıya sarı yönəldi. Kandarda dayanıb əvvəlcə piştaxta üstündəki dərman şüşəsinə, sonra Mənsona baxdı. İstər-istəməz, tamamilə laqeyd halda dedi:
– Yeri gəlmişkən, sizin yerinizə olsaydım yoxlardım görüm, Qlayder-pleysdəki xəstənizdə qarın yatalağı deyil ki. Tipik olmayan hallara da təsadüf edilir.
Qapının zəngi yenə "dzin" çalındı. Əndru bir söz deməyə macal tapmamış doktor Filipp Denni və Qoukins qaranlıqda yox oldular.
III
Əndrunu bu gecə yatmağa qoymayan içindəki yunu yaprıxmış bərk döşək yox, Qlayder-pleysdəki xəstə sarıdan getdikcə artan nigarançılığı idi. Görəsən bu yatalaqdımı? Denninin vidalaşarkən dediyi sözləri onun artıq həyəcanlanmış qəlbində, yeni şübhələr, bədbin fikirlər oyatdı, xəstəliyin mühüm bir əlamətini gözdən qaçırdığından qorxaraq o, elə sübhün bu erkən çağında durub təzədən xəstənin yanına yollanmaqdan özünü güclə saxlayırdı. Bütün gecəni yuxusuz keçirən, səhərədək narahat halda qurdalanan Əndru artıq o məqama çatdı ki, öz-özündən soruşdu: görəsən onun, ümumiyyətlə, tibb aləmindən cüzi də olsa başı çıxırmı?
Mənson hər şeyi ürəyinə salan, özünə dərd edən çılğın təbiətə malikdi. Görünür, bu xasiyyəti Şotlandiyanın dağ yerində dünyaya gəlmiş, uşaqkən vətəni Allapulda qütb parıltısından bəyaz səmada necə çapdığını görmüş anasından ona irsən keçmişdi. Əndrunun Fayfşirdə xırda fermer olmuş atası Con Mənson sağlam düşüncəli, təmkinli və zəhmətkeş adamdı. Lakin o, öz torpağına o qədər də yaxşı ağalıq edə bilmirdi, buna görə də dünya müharibəsinin sonunda cəbhədə həlak olanda işləri çox dolaşıq və acınacaqlı vəziyyətdə qaldı. Cessi Mənson tam bir il fermanı saxlamağa ciddi səy göstərdi, süd təsərrüfatı yaratdı, Əndru həddən çox kitablarla məşğul olduğundan onun əvəzinə furqona minib südü paylamağa aparırdı. Lakin çox çəkmədi ki, neçə ildən bəri heç bir məhəl qoymadığı öskürək ona daha çox əziyyət verməyə başladı və Cessi Mənson gözlənilmədən nazik dərili, qara saçlı dağ adamlarını daha çox məhv edən vərəm xəstəliyinə tutuldu.
Əndru on səkkiz yaşında tək-tənha qaldı. O vaxt. o, University of St Andrews birinci kursunda oxuyur, ildə qırx funt təqaüd alırdı, bundan savayı əlinə bircə qəpik də olsun pul gəlmirdi. Onu xilas edən "Qlen fondu" oldu. Bu tipik şotland müəssisəsi (onun banisi mərhum ser Əndru Qlenin sadəlövh təbirincə desək) "xaç suyuna çəkilərkən Əndru adı almış layiqli və ehtiyacı olan tələbələrə ildə əlli funt borc verirdi, amma bu şərtlə ki, tələbə təhsilini başa vurduqdan sonra həmin borcunu vicdanla ödəsin".
"Qlen fondu" və kefi kök halda aclıq çəkmək bacarığı Əndruya St.-Əndru universitetini başa vurmağa, sonra da Dandi şəhərində tibb fakültəsini bitirməyə kömək etdi. Fonda minnətdarlığı və həddən artıq vicdanlı olması onu məcbur etdi ki, diplomunu alan kimi (təhsilini təzəcə başa vurmuş həkimlərin başqa yerlərə nisbətən daha çox maaş ala biləcəkləri) Cənubi Uelsdə ildə 250 funt maaşla işə başlasın. Halbuki o, on dəfə az maaşla Edinburq kral klinikasında işləməyi, əlbəttə, daha üstün tutardı.
Budur, indi o, Blenellidədir. Yataqdan qalxıb üzünü qırxdı, geyindi, ilk xəstəsindən nigaran olduğu üçün bütün bunları çox cəld, tələsik etdi. O, tələsə-tələsə səhər yeməyini yeyib təzədən öz otağına keçdi. Çamadanını açıb oradan göy dərili kiçik bir qutu çıxartdı. Onu açdı, ciddi görkəmlə bir müddət qutunun içindəki medala, – St.-Əndru universitetində hər il klinik təbabətdə ən böyük nailiyyət qazanmış tələbəyə verilən Hunter[5 - Con Hunter – məşhur şotland cərrahı.] qızıl medalına baxdı. Bu medaldan o da, Əndru Mənson da almışdı! O, bu medalı hər şeydən yüksək qiymətləndirirdi, ona xoşbəxt gələcəyin rəhni olan bir tilsim kimi baxmağa adət etmişdi. Bu səhər isə o, həmin medala iftixarla, qəribə, gizli bir yalvarışla baxır, elə bil özünə inamını təzədən qaytarmaq istəyirdi. Sonra qutunu gizlədib ambulatoriyaya, xəstələrin səhər qəbuluna tələsdi.
Əndru daxmaya daxil olanda Dey Cenkins artıq orada idi, krandan böyük saxsı dolçaya su doldururdu. Bu, qırmızı damarlı yanaqları çökmüş, gözləri dörd olan çox çevik, qərarsız bir adamdı; nazik qıçlarına elə dar şalvar keçirmişdi ki, Əndru beləsini heç kəsin əynində görməmişdi. Cenkins onunla salamlaşıb yaltaqcasına dedi:
– Doktor, sizin belə tezdən gəlmənizə ehtiyac yoxdur. Siz gəlincəyədək mən bütün təkrar verilməli dərmanları buraxıram, kimə lazım olsa vəsiqə də verə bilərəm. Doktor Peyc xəstələnəndə missis Peyc üstündə doktorun qolu olan rezin ştamp sifariş edib.
Əndru etiraz etdi: .
–Təşəkkür edirəm. Bütün xəstələri özüm qəbul etmək istəyirəm. – Sonra duruxdu, aptekçinin gördüyü işdən elə heyrətləndi ki, müəyyən müddətə bayaqkı həyəcanı da büsbütün yadından çıxdı. – Siz orda neyləyirsiniz?
Cenkins cavab əvəzinə ona göz vurdu.
– Dolça suyu onlara daha dadlı görünər. Hər ikimiz qədim, xeyirxah "aqua"[6 - Su.]-nın nə demək olduğunu yaxşı bilirik, elə deyilmi, doktor? Xəstələr bunu bilmirlər. Mən dəliyəm ki, onların yanında şüşələrinə krandan su töküm?!
Balacaboy aptekçiyə hər şeyi açıq-saçıq danışmaq üçün həvəs gəlmişdi ki, birdən evin dal qapısından, ambulatoriyanın qırx yardlığından kimsə ucadan çağırdı:
– Cenkins! Cenkins! Mənə lazımsınız, elə bu dəqiqə gəlin bura!
Cenkins sahibinin qırmanc şaqqıltısından diksinən yaxşı təlim görmüş köpək kimi ayağa sıçradı və titrək səsilə kəkələdi:
– Bağışlayın, doktor. Məni missis Peyc çağırır. Mən… Mən gərək qaçam ora.
Xoşbəxtlikdən səhər qəbuluna cəmi bir neçə adam gəlmişdi. Əndru on birin yarısınadək hamını yola saldı, evdə baxılacaq xəstələrin siyahısını Cenkinsdən alıb, dərhal Tomasın qazalağında yola düşdü. Ona əzab verən bir səbirsizliklə qoca sürücüyə tapşırdı ki, qazalağı birbaşa Qlayder-pleysə sürsün.
İyirmi dəqiqədən sonra o, rəngi qaçmış, dodaqlarını bərk-bərk bir-birinə sıxmış halda, üzündə qəribə bir ifadə ilə yeddi nömrəli evdən çıxdı.
İki ev keçib siyahısında olan 11 nömrəli evə gəldi. 11 nömrəli evdən çıxıb küçənin qarşı tərəfindəki 18 nömrəli evə baş çəkdi. Ordan da çıxaraq tini döndü, Rednor-pleysə yollandı. Cenkins burada yaşayan daha iki xəstənin ünvanını yazmışdı, oradaca qeyd etmişdi ki, dünən özü o xəstələrin yanında olub. Əndru cəmi bir saatda bir-birinin yaxınlığında yerləşən yeddi evə gedib xəstələrə baxdı. Yeddi xəstədən beşində, o cümlədən Qlayder-pleysdəki 7 nömrəli evdə yaşayan, bədənində artıq səpmə peyda olan xəstədə qarın yatalığının tipik əlamətlərini gördü. On gündü ki, Cenkins onları təbaşir və tiryəklə müalicə edirdi. Dünən xəstəyə diaqnoz qoya bilməyən Əndru indi dəhşətlə yəqin etdi ki, yatalaq epidemiyası partlayışı ilə qarşılaşıb.
Qalan xəstələrə o, dəhşət içində, çox tələsik baxdı.
Nahar zamanı missis Peycin başı (Mənsona gülə-gülə izah etdiyi kimi "doktor Peyc üçün hazırlanmış, lakin onun nədənsə bəyənmədiyi") əla qızardılmış şirin ətə bərk qarışdığı vaxt Əndru lal-dinməz oturub bu məsələni hərtərəfli düşünürdü. O, başa düşürdü ki, missis Peycdən əməlli şey öyrənə bilməyəcək, bu qadından kömək gözləmək nahaqdır. Buna görə də Peycin özü ilə danışmağı qərara aldı.
O, doktorun otağına girəndə pəncərələrin pərdəsi salınmışdı, Edvard çarpayıda hərəkətsiz uzanmışdı, başı bərk ağrıyırdı. Ağrının şiddətindən üzü qıpqırmızı qızarmış, tamam büzüşmüşdü. İşarə ilə qonağa oturmaq üçün yer göstərdisə də, Əndru hiss etdi ki, indi xəstəni təzə bəd xəbərlə həyəcanlandırmaq amansızlıq olar. Çarpayının böyründə bir neçə dəqiqə oturub ayağa durdu, getməyə hazırlaşanda ancaq bir sualla kifayətləndi:
– Doktor Peyc, deyin görüm, yoluxucu xəstəlik müşahidə ediləndə ilk növbədə neyləmək lazımdır?
Araya sükut çökdü. Sonra Peyc gözlərini açmadan və qımıldanmadan cavab verdi, elə bil ağız açıb danışmasından baş ağrıları xeyli artmışdı.
– Belə hallarda ortaya həmişə çətinliklər çıxır. Bizdə xəstəxana da yoxdur, nəinki yoluxucu xəstələr üçün xüsusi yerlər. Əgər çox ciddi bir şey baş versə Toniqlenə – Qriffitsə zəng vurun. Toniqlen Blenellidən aşağıda, buranın on beş milliyindədir. Qriffits – dairə həkim inspektorudur.
Araya yenə uzun sükut çökdü.
– Qorxuram ki, bunun bir faydası olmaya.
Bu məlumatdan özünə bir balaca təskinlik tapan Əndru aşağı, dəhlizə cumub Toniqlenə zəng vurdu. Telefonun yanında dayanıb dəstəyi qulağına sıxaraq gözlədiyi zaman mətbəxin qapısı dalından ona baxan xidmətçi qadın Ennini gördü.
– Allo! Allo! Doktor Qriffitsdir? – O, nəhayət xəttin qoşulmasına nail oldu.
Bir kişi səsi çox təmkinlə və ehtiyatla cavab verdi:
– Onu soruşan kimdir?
– Danışan Blenellidən Mənsondur, doktor Peycin assistenti, – Əndrunun səsi gərginliyin son həddinə çatdı. – Burada xəstələrimin beşi yatalaqdır. Xahiş edirəm doktor Qriffits yubanmadan bura gəlsin.
Açıq-saçıq tərəddüddən sonra həmin adam birdən dili dolaşa-dolaşa, tələsik xalis Uels şivəsilə cavab verdi:
– Çox təəssüf edirəm, doktor, çox təəssüf edirəm ki, doktor Qriffits Suonsiyə gedib. Vacib xidməti işdən ötrü.
Telefon pis işlədiyindən Mənson var səsilə çığırdı:
– Haçan qayıdacaq?
– Sözün doğrusu, doktor, nə vaxt qayıdacağını deyə bilmərəm.
– Bura baxın…
Xəttin o başında nəsə şaqqıldadı. Danışan adam soyuqqanlılıqla dəstəyi asdı. Mənson qəzəbli, əsəbi halda ucadan söydü:
– Ah, zəhrimar, yəqin bu, elə Qriffitsin özü idi!
O, təzədən zəng elədi, lakin onu calaşdırmadılar. İnadla üçüncü dəfə zəng eləməyə hazırlaşırdı ki, Enninin dəhlizə çıxıb əllərini döşlüyün önündə bir-birinin üstünə qoyaraq sakitcə, ciddi tərzdə ona baxdığını gördü.
Bu, çox səliqəli geyinmiş, ciddi və aydın ifadəli üzə malik qırx beş yaşlarında bir qadındı. O dedi:
– Doktor, danışığınızı təsadüfən eşitdim. Siz doktor Qriffitsi günün bu çağında heç vaxt Toniqlendə tapmazsınız. Çox vaxt Suonsiyə qolf oynamağa gündüzlər gedir.
Boğazını tutan qəhəri birtəhər udmağa çalışan Mənson əsəbi halda etiraz etdi:
– Amma mənə elə gəlir ki, mənimlə danışan onun özü idi.
Enni ötəri gülümsədi:
– Ola bilər. Mən eşitmişəm ki, o, Suonsiyə getməyəndə də hamıya cavab verir ki, gedib. – Qadın Əndruya mehribanlıqla baxdı, sonra qapıya sarı çevrilib danışığına yekun vurdu: – Mən yerinizə olsaydım onunla danışığa vaxt sərf etməzdim.
Əndru dəstəyi asıb qəlbində getdikcə artan bir hiddətlə, təşviş hissilə evdən çıxdı, dodaqaltı kimisə söyə-söyə təzədən xəstələrə baş çəkməyə getdi. Qayıdanda artıq axşam qəbulunu başlamağın vaxtı idi. O, arakəsmə arxasında, həkim kabinetini əvəz edən xırdaca, darısqal bir otaqda saat yarım əyləşib dəhlizi ağzınacan dolduran xəstələrə o vaxtacan baxdı ki, yaş bədənlərin buxarlanmasından divarlar tərlədi, otaqda nəfəs almaq mümkün olmadı. Bunlar barmaqları yaralanmış, xroniki revmatizmə, gözləri və diz bağları peşə xəstəliklərinə tutulmuş mədən fəhlələri idi. Onların soyuqlamış, öskürən, harası isə burxulan, zədələnən, ən cüzi insani nasazlıq hiss edən arvadları, uşaqları idi. Başqa vaxt olsaydı bu iş Əndruya ləzzət verərdi, önlərində özünü imtahan verirmiş kimi hiss etdiyi boz üzlü, qaşqabaqlı bu adamların onun hər bir hərəkətinə sakitcə və diqqətlə göz qoymaları da ona xoş gələrdi. Bu gün isə onu daha mühüm məsələlər düşündürdüyü halda, üstünə yağdırılan boş-boş şikayətlərdən başı hərlənirdi. Resept yazdığı, sinələri taqqıldatdığı, məsləhətlər verdiyi müddətdə onun beynində belə bir fikir yarandı: "Başıma o ağıl qoydu. Ondan zəhləm gedir, bəli, bu təkəbbürlü iblisi görən gözüm yoxdur, lakin çarəm yoxdur. Gərək yanına gedəm".
Onun yarısında, axırıncı xəstə ambulatoriyadan çıxıb gedəndən sonra Əndru qətiyyətlə xırdaca otağından çıxdı.
– Cenkins, doktor Denni harada yaşayır?
Bu vaxt gecikmiş bir xəstənin ambulatoriyaya soxula biləcəyindən qorxaraq çöl qapısını tələsik bağlayan cılız aptekçi üzündə gülməli dəhşət ifadəsi ilə Əndruya sarı çevrildi.
– Doktor, olmaya onun yanına getmək istəyirsiniz? Missis Peyc… onu xoşlamır.
Əndru qaşqabaqla soruşdu:
– Niyə xoşlamır?
– Hamı niyə xoşlamır, o da ona görə. O, missis Peyclə elə kobud rəftar etdi ki! – Cenkins susdu, Mənsonun üzünə xeyli baxdıqdan sonra könülsüz əlavə etdi. – Nə deyirəm ki, əgər mütləq bilmək istəyirsinizsə, deyə bilərəm: Missis Sicerin evində yaşayır, Çepel-strit, qırx doqquzda.
Təzədən yola çıxdı. Əndru bütün günü ayaq üstdə olsa da, ağır yük kimi üstünə düşən yatalaq epidemiyası ilə bağlı qayğılara, duyduğu məsuliyyət hissinə başı qarışdığından yorğunluq hiss etmirdi, Çepel-strit, qırx doqquz nömrəli evə gəlib biləndə ki, Denni evdədir, ürəyində bir yüngüllük duydu. Ev sahibəsi onu Denninin otağına ötürdü.
Denni Əndrunun gəlişinə təəccüb etdisə də bunu büruzə vermədi. Ancaq gözlərini ona zilləyib, Əndru üçün dözülməz bir tərzdə onu xeyli diqqətlə nəzərdən keçirdikdən sonra soruşdu:
– Nə olub, yoxsa kimisə o dünyaya yola salmısınız?
Hələ də yığışdırılmamış isti qonaq otağının kandarında dayanan Əndru qızardı, lakin hirsini və incikliyini güclə uddu. O, qırıq-qırıq dedi:
– Siz haqlı idiniz. Bu, qarın yatalağıdır. Bunu dərhal müəyyənləşdirə bilmədiyim üçün məni öldürmək də azdır. Artıq beş xəstə var. Mən bura bəxtəvərlikdən gəlməmişəm. Gərək bir şey eləyək. Axı mən burada təzə adamam, nə etmək lazım olduğunu bilmirəm. Həkim inspektoruna zəng vurdum, ondan heç bir fayda olmadı. Məsləhət üçün yanınıza gəldim.
Buxarının qarşısındakı kreslosunda qanrılaraq ağzında trubka Əndruya qulaq asan Denni, nəhayət, narazı halda donquldandı:
– İçəri gəlin də. – Sonra qəfildən hirsləndi: – Allah xətrinə əyləşin! Kimisə lənətləməyə hazırlaşan presviterian keşişi kimi dimdik dayanmayın. Bir şey içmək istəyirsiniz? Yox? Əlbəttə, elə bllirdim ki, istəməyəcəksiniz.
– Lütfən, buna baxın!
Masanın üstündə çox gözəl bir Seys mikroskopu, onun da yanında bir neçə preparat vardı. Əndru preparatlardan birini mikroskopa qoyub baxdı, dərhal xarakterik basilləri – yatalaq bakteriyaları qrupunu tanıdı.
Ünvanına deyiləcək tənqidi qabaqlamağa tələsirmiş kimi, Denni cəld saymazyana dedi:
– Əlbəttə, çox pis hazırlanıb. Birtəhər, başdansovma eləmişəm. Allaha şükür, mən laboratoriya siçovulu deyiləm. Cərraham. Lakin bizim bu lənətə gəlmiş üsuli-idarədə adamın əlindən gərək hər iş gələ. Burası da var ki, preparatlar necə pis qayrılsa da onları dolaşıq salmaq olmaz, hətta adi gözlə görünür. Mən onları öz sobamda aqardan[7 - Seylon mamırından və Şərqi Hindistanın dəniz yosunlarından əldə edilmiş jelatinvari maddə.] hazırlamışam.
Əndru böyük maraqla soruşdu:
– Deməli, yatalağa siz də rast gəlmisiniz?
– Dörd dəfə. Elə sizin sahədə. – Denni susdu. – Sizin burda gördüyünüz taxtabitilər Qlayder-pleysdəki quyudandır.
Əndru canlanaraq, onlarca sual vermək həsrətilə alışıb yanaraq, bu adamın öz işinə necə ciddi yanaşdığını getdikcə başa düşərək, başlıcası isə epidemiyanın mənbəyinin ona göstərildiyindən hədsiz sevinərək Denniyə baxırdı.
Denni eyni soyuq, acı rişxəndlə dediklərinə yekun vurdu:
– Bilirsinizmi, paratif burada az-çox adi hadisədir. Lakin bir vaxt, – tezliklə, lap tezliklə! – epidemiyanın yaxşıca alovlandığının şahidi olacağıq. Bu işin günahkarı da mərkəzi kanalizasiya borusu olacaq. Boru, başdan-ayağa deşik-deşikdir, ondan sızan çirkab şəhərdəki yeraltı çeşmələrin yarıdan çoxunu zəhərləyir. Mən bu həqiqəti Qriffitsə qandıranadək tamam əldən düşdüm. O da özünü işə verməyən, heç nəyə yaramayan, tənbəl, mömin heyvanın biridir. Onunla axırıncı dəfə telefonla danışanda hədələyib dedim ki, bu dəfə görüşəndə vurub başını partladacağam. Yəqin elə buna görə bu gün bizdən qaçıb.
Birdən hiddətlənən Əndru çığırdı:
– Belə də iş olar? Bu ki, biabırçılıqdır!
Denni çiyinlərini çəkdi:
– O, şəhər idarəsindən heç nə tələb etmək istəmir, qorxur ki, zəruri xərcləri ödəməkdən ötrü birdən onun maaşından kəsərlər.
Araya sükut çökdü. Əndru söhbətin davam etdirilməsini çox arzulayırdı. Dennidən xoşu gəlməsə də, bu şəkkak adamın bədbinliyi, soyuqqanlı və qabaqcadan düşünülmüş ədəbsizliyi onda qəribə bir tərzdə qətiyyət oyadırdı. Lakin Əndru burada çox qalmağa bəhanə tapa bilmirdi. Buna görə də masa arxasından qalxıb qapıya sarı yönəldi, əsl hisslərini gizlədib, Denniyə sadəcə nəzakətlə təşəkkür edərək özündə indi yüngüllük duyğusunu ona bildirməyi qərara aldı.
– Məlumata görə sizə çox minnətdaram. Sayənizdə indi mənə hər şey aydındır. Məni epidemiyanın səbəbi narahat edirdi, fikirləşirdim ki, xəstəliyi yayan nədir? İndi ki, bütün işlərin quyuda olduğunu müəyyənləşdirmisiniz, deməli vəziyyət xeyli yüngülləşir. Bundan belə gərək Qlayder-pleysdə suyun hər damcısı qaynadılsın.
Denni də qalxdı.
– Qriffitsi qaynatmaq lazımdır! – deyə o, mızıldandı. Sonra əvvəlki istehza ilə əlavə etdi: – Doktor, xahiş edirəm, minnətdar olmayasınız! Bütün bu əhvalat qurtarıncayadək bir-birimizdən zəhləmiz getsə də, görünür, biz hələ neçə dəfə görüşməli olacağıq. Kefiniz haçan istəsə yanıma gəlin. Burada insanlarla ünsiyyət o qədər də ələ düşən şey deyil. – O, öz itinə baxdı və sözünü çox kobud tərzdə tamamladı. – Hətta şotlandiyalı doktorun gəlişinə şad olarıq. Elə deyilmi, ser Con?
Ser Con Qoukins quyruğunu xalıya çırpdı və Mənsonu hirsləndirmək istəyirmiş kimi qırmızı dilini göstərdi.
Buna baxmayaraq Qlayder-pleysdən keçib evə qayıdanda yolüstü hamıya suyu qaynadıb içməyi möhkəm tapşıran Əndru hiss etdi ki, Dennidən daha əvvəlki kimi zəhləsi getmir.
IV
Əndru təbiətinə xas olan bütün coşqunluğu, cəldliyi ilə yatalaqla mübarizəyə atıldı. O, öz işini sevir, buna görə də fəaliyyətinin lap əvvəlində əlinə belə bir fürsət düşdüyünü uğurlu başlanğıc hesab edirdi. İlk həftələri lap öküz kimi, özü də həvəslə işlədi. Xəstələrə hər gün baş çəkmək, onları qəbul etmək bütünlüklə onun öhdəsinə düşürdü. Bu işi yerinə yetirdikdən sonra isə yatalaq xəstəliyinə tutulanlarla böyük maraqla məşğul olurdu.
Deyəsən, elə bu ilk mübarizədə bəxti gətirdi. Ayın axırına yaxın bütün xəstələri sağalmağa başladı. Belə düşünmək olardı ki, epidemiyanın qarşısı alınmışdır. O, amansız bir ciddiliklə həyata keçirdiyi bütün tədbirlər – suyu qaynatmaq, dezinfeksiya, xəstələrin təcrid edilməsi, hər qapıdan karbol turşusu hopdurulmuş döşəkağı asılması, missis Peycin hesabına girvənkə-girvənkə gətirtdiyi və öz əlilə Qlayderin çirkab qanovlarına səpələdiyi xlorlu əhəng haqqında fikirləşdikcə ləzzətlə, razılıq hissilə öz-özünə deyirdi: "Kömək elədi! Mən belə xoşbəxtliyə layiq deyiləm. Lakin allah şahiddir ki, bütün bunları mən eləmişəm!"
O, xəstələrinin Denninin xəstələrindən tez sağaldıqlarını görüb ürəyində onu utandıran gizli bir sevinc duyurdu.
Denni onun üçün yenə də tapmaca idi, onu əsəbiləşdirirdi. Onlar təbii ki, indi tez-tez görüşür, eyni sahələrdəki xəstələri yoluxurdular. Denninin ikilikdə gördükləri işə bütün varlığı ilə rişxənd etməkdən xoşu gəlirdi. O, özünü və Mənsonu "epidemiyanın zəhmli qənimləri" adlandırır, bu çeynənmiş ifadəni kinayəli razılıq hissilə dilə gətirirdi. Lakin onun bütün sarkazmı, rişxəndlə dediyi "doktor, unutmayın ki, biz həqiqətən gözəl bir peşənin şərəfini qoruyuruq" kimi sözləri xəstəliyin ona keçməsi barədə fikirləşmədən saatlarla xəstə ilə bir otaqda qalmasına, yataqları yanında əyləşməsinə, onlara toxunmasına əsla mane olmurdu.
Arabir üzə vurmadığı utancaq səmimilik, sadəlik əlamətlərindən ötrü Əndru hətta ona vurulmağa hazırdı, lakin sonra Denninin dediyi kəskin, acı bir söz yenə hər şeyi korlayırdı.
Bir dəfə incimiş, əhvalı pozulmuş Əndru Denni barəsində bir məlumat almaq ümidilə "həkimin ünvan-təqviminə" pənah apardı. Bu, doktor Peycin rəfində tapdığı beş il əvvəl çap edilmiş köhnə məlumat kitabı idi. Lakin burada doktor Filipp Denni haqqında çox qiyamət məlumata rast gəldi. Sən demə o, Kembric universitetini fərqlənmə diplomu ilə bitirmiş, cərrahiyyə magistri elmi dərəcəsi almış, Liboro şəhərində baş cərrah vəzifəsində işləmişdir.
Noyabrın onunda Denni gözlənilmədən telefonla ona zəng vurdu.
– Mənson, sizi görməliyəm, saat üçdə yanıma gələ bilməzsinizmi? Çox vacib işdir.
– Yaxşı, gələrəm.
Səhər yeməyi zamanı Əndru fikirli idi. Bu gün ona verilən kənd piroqunu yeyib qurtarırdı ki, Bloduenin gözlərini zilləyib işvə ilə, eyni zamanda amiranə tərzdə ona baxdığını hiss etdi.
– Sizinlə telefonda danışan kim idi? Denni idi, hə? Siz gərək elə adamlarla oturub-durmayasınız. Ondan sizə heç bir xeyir dəyməz.
Əndru soyuq nəzərlə qadının gözünün içinə baxdı:
– Əksinə, onun mənə çox xeyri dəyib.
Sözünə etiraz edilməsinə heç vaxt dözməyən Bloduen qeyzlə çımxırdı:
– Bəsdir, doktor! O, əsl dəlidir! Heç kəsə dərman yazmır. Məsələn, bütün ömrü boyu həkimlərin dərmanla müalicə etdikləri Ris Morqan onun yanına gedəndə qadına məsləhət görüb ki, hər gün iki mil piyada dağlara tərəf getsin, daha "donuz yemi olan hər cür horranı qarnına tökməsin". Bu, onun öz sözləridir. Onda qadın onun siyahısından çıxıb yanımıza gəldi, Cenkinsdən butulka-butulka qıyamət sulu dərmanlar almağa başladı. Bu Denni çox qaba, iyrənc adamdır. Hamı deyir ki, onun hardasa arvadı var, arvad onunla yaşamır. Görürsünüz necə adamdır! Bundan başqa, demək olar ki, həmişə sərxoşdur. Yaxşısı budur ki, onunla əlaqənizi kəsin, doktor. Bir də unutmayın ki, siz doktor Peyc üçün işləyirsiniz.
Artıq dəfələrlə eşitdiyi bu tapşırıq Əndrunu bərk əsəbiləşdirdi. O, missis Peyci razı salmaq üçün onsuz da əlindən gələni edirdi, lakin tələbatın hədd-hüdudu yoxdu, Missis Peycin bir-birini əvəz edən şəkk-şübhə dolu hərəkətləri və saxta şənliyində həmişə Əndrudan son imkanadək istifadə etmək, əvəzini isə mümkün qədər az vermək meyli duyulurdu. Birinci ayın maaşını artıq üç gündü ki, yubadırdı. Bu, bəlkə də qadının tərəfindən adi unutqanlıqdı. Lakin belə unutqanlıq, Mənsonu narahat edir, qəzəbləndirirdi. Odur ki, öz firavanlığını hər vasitə ilə qoruyan, Dennini tənqid eləməyə cəsarət edən bu piyli, ətli-əndamlı qadının görkəmi onu özündən çıxartdı. Əndru qeyzlə dedi:
– Missis Peyc, əgər maaşımı vaxtında alsaydım, onda doktor Peyc üçün işlədiyimi daha yaxşı xatırlayardım.
Qadın birdən-birə qızardı, Mənsona aydın oldu ki, maaş missis Peycin həmişə yaxşı yadında imiş. Qadın başını həyasızcasına dikəltdi:
– Alarsınız! Böyük şey imiş!
Yeməyin axırınadək missis Peyc qaşqabağını töküb oturdu, onu Əndru təhqir edibmiş kimi başını qaldırıb üzünə baxmadı da. Yeməkdən sonra Əndru qonaq otağına çağrılanda qadın onu tamam başqa əhvali-ruhiyyə ilə qarşıladı. O, həddən artıq nəzakətli, şən, gülümsərdi.
– Budur, bu da sizin pulunuz, doktor. Əyləşin və bir qədər xoşrəftar olun. Biz gərək dostcasına yaşayaq, yoxsa aramız dəyər.
Qadın xovlu yaşıl kresloda əyləşmişdi, dolu, ətli dizləri üstdə bir funtluq iyirmi kağız pul, bir də qara dərili pul kisəsi vardı. Pulları əlinə götürüb ağır-ağır saymağa və Mənsona verməyə başladı: "Bir, iki, üç, dörd…" Əlindəki pullar azaldıqca o, daha ağır sayır, qara, hiyləgər gözləri oğrun-oğrun qırpılırdı. On səkkizə çatanda təəssüf bildirən bir ah çəkib dayandı.
– A doktor, bizim bu çətin zəmanədə bu az pul deyil. Elə deyilmi? Mənim devizim belədir: "Ver-al". Qalan iki funtu olarmı ki, bəxtimi sınamaq üçün özümə saxlayım?
Mənson dinmədi. Qadın xırdaçılığı, acgözlüyü ilə özünü alçaldır, çox pis vəziyyətdə qoyurdu. Mənsona məlumdu ki, onun həkimliyi missis Peycə çoxlu qazanc gətirir. Qadın neçə dəqiqə oturub gözlərini Əndrunun üzünə zilləyib durdu, sonra xahişinə buz kimi soyuqluqdan başqa heç bir cavab almadığını görərək axırıncı iki funtu da əsəbi bir hərəkətlə üstünə atıb kəskin tərzdə dedi:
– Baxın ha, bu pula layiq iş görün!
Sonra cəld sıçrayışla ayağa qalxıb otaqdan çıxmaq istəyirdi ki, Əndru qapı ağzında onu saxladı.
– Bir dəqiqə, missis Peyc.
Mənsonun səsində əsəbi bir qətiyyət vardı. Belə şeylərdən zəhləsi getsə də, o, bu xəsis xanıma yaxşıca dərs vermək qərarına gəldi.
– Siz bir ay üçün mənə ancaq iyirmi funt verdiniz, bu, eləyir ildə iki yüz qırx funt, halbuki şərtimizə görə mən iki yüz əlli funt almalıyam. Missis Peyc, deməli mənə hələ on altı şillinq səkkiz pens də çatmalıdır.
Qadın qəzəbdən və ümidsizlikdən ağappaq ağardı. Boğula-boğula:
– Ah, belə-ə! – deyə səsini uzatdı. – Deməli, siz qəpik-quruş üstündə mənimlə aranı vurmaq istəyirsiniz! Mənə həmişə deyiblər ki, şotlandiyalılar xəsis olurlar. İndi buna əmin oldum. Alın! Götürün öz murdar şillinqlərinizi, xırdaları da!
Tikanlı baxışlarını Əndrudan çəkməyən missis Peyc titrək barmaqları ilə ağzınacan dolu pul kisəsindən pul çıxarıb saydı. Nəhayət, Mənsona axırıncı dəfə qəzəbli bir nəzər fırladıb cəld qonaq otağını tərk etdi, qapını çırpdı.
Hirsindən ürəyi od tutub yanan Əndru evdən çıxdı. Bloduenin dediyi sözlərin haqsızlığını dərk etdiyindən bu acıdillik ona daha çox yer elədi. Görəsən, qadın, burada məsələ qəpik-quruşda yox, haqq-ədalətdə, düzgünlük prinsipində olduğunu başa düşmürdümü? Ancaq burası da vardı ki, Əndrunun anadangəlmə xasiyyəti – yüksək əxlaq qaydalarının tələbatından asılı olmayaraq ömründə heç kəsin onu aldatmasına, axmaq yerinə qoymasına qəti imkan verməmək bütün şimallıları fərqləndirən xüsusiyyətdi.
Ancaq poçta çatıb, aldığı iyirmi funtu zərfin içinə qoyaraq "Qlen fondu"nun ünvanına göndərdikdən sonra (xırda pulları özünə cib xərci saxladı) bir balaca sakitləşdi. Poçtun önündəki artırmada dayanmışdı ki, yaxınlaşan doktor Bremveli gördü, eyni daha da açıldı. Bremvel ağır-ağır yeriyir, iri pəncələrini daş döşəməli yola əzəmətlə basırdı, qara, nimdaş paltolu vücudu dimdikdi, qırxılmamış boz saçları kirli yaxalığı üstünə tökülmüşdü, gözləri irəli uzatdığı əlindəki kitaba zillənmişdi. Hələ uzaqdan, küçənin ortasından gördüyü Əndruya yaxınlaşanda yalandan diksinərək özünü heyrətlənmiş kimi göstərdi.
– Ah, əzizim Mənson! Başım kitaba elə qarışıb ki, az qala sizi görmədən keçib gedəcəkdim.
Mənson gülümsündü. Onun, ikinci "ştatlı" həkim Nikolsdan fərqli olaraq elə ilk görüşdən Mənsona səmimi münasibət bəsləyən doktor Bremvellə arası kökdü. Bremvelin işi çox olmurdu, buna görə də israfçılıq edib köməkçi saxlamağı özünə rəva görmürdü. Lakin onun lovğa ədaları, özünü məşhur adam kimi aparmaq adəti vardı.
Bremvel şəhadət barmağının kirli dırnağı ilə oxuduğu səhifəni səylə cızıb kitabı örtdü, sonra boş əlini qürurla nimdaş paltosunun yaxasına keçirtdi. Onun elə dəbdəbəli görkəmi vardı ki, Blenellinin baş küçəsində lap fantastik xəyala oxşayırdı. Denninin onu “Gümüş kral” adlandırması nahaq deyildi.
– Hə, əzizim, deyin görüm, bizim bu balaca cəmiyyət xoşunuza gəldimi? Kiçik hücrəmizdə arvadıma və mənə baş çəkdiyiniz zaman sizə demişdim ki, bu cəmiyyət ilk baxışda göründüyü kimi də iyrənc deyil! Burada bizim öz istedadlarımız var. Əziz arvadımla mən onları həvəsləndirməyə çalışırıq. Mənson, biz bu ucqar guşədə də mədəniyyət məşəlini daha uça qaldırırıq. Siz bir dəfə bizə axşam gəlməlisiniz. Mahnı oxumursunuz ki?
Əndru özünü gülməkdən güclə saxlayırdı. Bremvelsə mərhəm bir ahənglə sözünə davam etdi:
– Hamımız yatalaqla apardığınız mübarizədən, şübhəsiz, xəbərdarıq. Əzizim, Blenelli sizinlə fəxr edir. Mən ancaq təəssüf edirəm ki, belə bir fürsət mənə düşməyib. İşiniz çətinə düşəndə mən sizə bir fayda verə bilərəmsə, yanıma gəlin!
"Axı o kimdir ki, qoca adamı lağa qoyur?" – fikrindən doğan peşmançılıq hissi Əndrunu cavab verməyə vadar etdi:
– Doktor Bremvel, yeri gəlmişkən deyim ki, çox nadir hallarda təsadüf edilən olduqca maraqlı təkrar mediastinitə[8 - Döş divararasının iltihabı.] rast gəlmişəm. Vaxtınız varsa, bəlkə mənimlə gedib ona baxasınız?
– Hə? – deyə Bremvel bu dəfə bir qədər həvəssiz xəbər aldı. – Mən sizə zəhmət vermək istəməzdim.
Əndru getməyə hazır olduğunu bildirib dedi:
– Burda, tinin dalındadır. Doktor Denni ilə görüşümə hələ yarım saat var. Bircə saniyədən sonra orda olarıq.
Bremvel tərəddüd edirdi, əvvəlcə, deyəsən, boyun qaçırmaq istədi, sonra isə mütərəddid halda razılıq bildirən hərəkət etdi. Onlar Qlayder-pleysə çatıb xəstənin evinə gəldilər.
Xəstəlik, Mənsonun dediyi kimi, həkim üçün son dərəcə maraqlı idi. Bu, boğaz uru vəzisinin mühafizəsi kimi nadir haldı. Əndru bunu müəyyənləşdirdyinə görə ürəkdən sevinirdi, yoldaşlıq məsləhətinə böyük ehtiyac duyurdu, ümid edirdi ki, Bremvel bu kəşflə əlaqədar onun sevincinə şərik olacaqdır,
Lakin doktor Bremvel bütün dəbdəbəli bəyanatlarına baxmayaraq xəstəliyə qətiyyən maraq göstərmədi. O, həvəssiz Əndrunun dalına düşüb ağzını açmaqdan qorxa-qorxa xəstənin otağına keçdi, təkəbbürlü xanım ədası ilə yatağa yaxınlaşdı. Xəstədən xeyli aralı, təhlükəsiz məsafədə dayanmağa çalışıb onu başdansovdu müayinə etdi. Görünür, burda çox qalmağa meyli yoxdu. Odur ki, ancaq evdən çıxıb təmiz və sərin havanı dərindən ciyərlərinə çəkdikdən sonra adi natiqlik qabiliyyəti özünə qayıtdı. Əndru ilə həvəslə danışmağa başladı:
– Dostum, xəstənizə sizinlə birgə baş çəkdiyimdən çox razıyam; əvvəla ona görə ki, xəstəliyin sirayət edə biləcəyi təhlükəsi qarşısında heç vaxt geri çəkilməməyi həkimlik borcu hesab edirəm; ikincisi, ona görə ki, elmi irəli aparmaq üçün ələ düşən hər cür imkana sevinirəm. İnanırsınızmı ki, bu, indiyədək mənim gördüyüm bütün mədəaltı vəzinin iltihabı hallarının ən səciyyəvi nümunəsidir!
O, Əndrunun əlini sıxıb tələsik getdi, gənc həmkarını tamam heyrət içində qoydu. Sarsılmış Əndru ürəyində bir neçə dəfə təkrar etdi: "mədəaltı vəzi". Bu, Bremvelin ağzından qaçan adi söz xətası yox, çox qaba səhv idi. Xəstəni müayinə zamanı özünü aparması onun həkimlikdən tamam bixəbər olduğunu büruzə verdi. Bremvel adicə savadsızdır. Əndru alnını ovuşdurdu. Bir baxın ha, əlində diplomu, əməlli işi olan, ona yüzlərlə adamın həyatı tapşırılan bir həkim mədəaltı vəzi ilə ur vəzisini dolaşıq salır, halbuki onlardan biri qarın nahiyəsində, digəri isə sinədədir. "Yox, bu lap fəlakətdir!"
Həkimlərin işi haqqındakı əvvəlki təsəvvürlərini həyatın alt-üst etdiyini yenə duyaraq o, ağır-ağır Denninin yaşadığı evə sarı yönəldi. Əndru bilirdi ki, o, hələ gəncdir, bu sahədə kifayət qədər hazırlıqlı deyil, təcrübəsizliyi üzündən səhv də edə bilər. Lakin Bremvel təcrübəsizliyinə bəhanə gətirə bilməzdi, belə ki, onun nadanlığına heç bir şeylə bəraət qazandırmaq olmaz.
Əndrunun fikirləri özü də hiss etmədən, fürsət düşdükcə ümumi peşələrini həmişə lağa qoyan Denniyə addadı. Denni bütün ölkədə ancaq tam avamlığı, bir də xəstələrin başını tovlamaq bacarığı əldə etməsi ilə fərqlənən minlərlə heç nəyə yaramayan həkim olduğunu tənbəl-tənbəl sübut etdiyinə görə ilk zamanlar onu bərk əsəbiləşdirirdi. İndi Əndru öz-özündən soruşurdu ki, Denninin dediklərində bəlkə bir həqiqət var. Elə bu gün həmin mövzuda onunla yenə danışmağı qərara aldı.
Lakin Denninin otağına girəndə gördü ki, indi nəzəri mübahisələrin yeri deyil: Filipp onu qaşqabaqla, sükutla qarşıladı. Üzü tutqundu, gözləri qəmli-qəmli baxırdı. Aradan xeyli keçəndən sonra dilləndi:
– Consun oğlu bu gün səhər yeddidə öldü. Bağırsağı deşilmişdi. – O, qəzəbini güclə boğaraq astadan və soyuq danışırdı. – Bir də İstred-rodda yatalağa tutulmuş iki təzə xəstə aşkar etmişəm.
Əndru onun halına acıyıb, nə cavab verəcəyini bilmədi, gözlərini yerə dikdi. Denni isə ürək ağrısı ilə sözünə davam etdi:
– Amma siz çox da qürrələnməyin. Mənim xəstələrimin öldüyünə, sizinkilərin isə sağaldığına sevinirsiniz. Lənətə gəlmiş kanalizasiya borusu sizin sahədə deşiləndə o qədər də sevinməzsiniz.
Əndru qızğınlıqla dilləndi:
– Yox, canım, yox, nə danışırsınız?! Vallah, sizdən ötrü mən də dilxor olmuşam. Gərək bir şey eləyək. Gəlin sanitariya idarəsinə məktub yazaq.
Filipp yenə də qəzəbini güclə boğaraq cavab verdi:
– Biz bir düjin məktub yaza bilərik. Nəticəsi ancaq bu olar ki, yarım ildən sonra bura avara bir müfəttiş gəlib çıxar. Yox, mən artıq hər şeyi götür-qoy eləmişəm. Onları yeni boru çəkməyə vadar edə biləcək bir yol var.
– Hansıdır?
– Köhnə borunu partlatmaq.
Əvvəlcə Əndru fikirləşdi ki, Denni ağlını itirib. Sonra anladı ki, Denni qəti qərara gəlib, buna görə də çaşqın halda gözlərini ona dikib durdu. O, əvvəlki anlayışlarını dəyişməyə, təzədən qurmağa hazırlaşırdı ki, Denni hər şeyi dağıtdı. Əndru mızıldandı:
– Əgər bu işdən xəbər tutsalar, böyük əngəli çıxar.
Denni qürurla ona baxdı.
– Əgər istəmirsinizsə, mənimlə getməyə bilərsiniz.
Əndu etiraz etdi:
– Yox, gedəcəyəm. Amma allah bilir ki, mən bunu niyə eləyirəm.
Mənson bütün günü, adi işlərini gördükcə verdiyi vəd barəsində narazılıqla, peşmançılıqla düşündü. Bu Denni dəlinin biridir, tez-gec onu da bir cəncələ salacaq. Tutmaq istədiyi bu işin özü – dəhşətdir, qanunu pozmaqdır, əgər işin üstü açılsa, hər ikisi məhkəmə qarşısında cavab verməli olacaq. Ola bilsin onları hətta həkimlikdən kənar etsinlər. Qarşısında açılan gözəl, parlaq həkimlik perspektivi başlanğıcında gözlənilmədən dayandırılacağını, dağıdılacağını fikirləşəndə dəhşət hissi Əndrunun canına üşütmə salırdı. O, Filippi qəzəblə lənətləyir, onunla getməyəcəyinə fikrən iyirmi dəfə and içirdi.
Buna baxmayaraq ona məlum olmayan mürəkkəb səbəblər üzündən Əndru geri çəkilə bilmir və istəmirdi.
Saat on birdə Denni və Əndru Qoukinslə birlikdə Çepelstritin qurtaracağına yollandılar. Zülmət gecə idi, küləyin güclü dalğaları tinlərin başında xırda yağış damlalarını onların üzünə çırpırdı. Denni qabaqcadan fəaliyyət planı hazırlamışdı, hər şeyi dəqiq hesablamışdı. Axırıncı növbə mədənə bir saat əvvəl enmişdi. Qoca Tomasın balıq dükanı qarşısında veyllənən bir neçə oğlan uşağından savayı küçədə heç kəs yoxdu.
İki kişi və bir it dinməzcə gedirdi. Denni qalın paltosunun cibinə altı dinamit çubuğu qoymuşdu, bunları ev sahibəsinin oğlu Tom Sicer bu gün daş karxanasının barıt anbarından çırpışdırmışdı. Əndru isə qapaqlarında dəlik açılmış altı dənə boş dəmir kakao qabı, elektrik fənəri və bir parça fitil aparırdı. Şlyapasını alnına basıb yaxalığını qaldırmışdı, başı aşağı yeriyir, bəzən bir gözü ilə ehtiyatla çiyni üstdən dala baxır, Denninin qırıq-qırıq dediyi sözlərə ancaq qısa cavablar verir, ürəyində isə ziddiyyətli hisslərin tufanı tüğyan edirdi. Əndru qəzəblə öz-özündən soruşurdu ki, heç bir qəlibə sığmayan bu gecə macərasında onun iştirakına görəsən xeyirxah professor-ortodoks Lemplaf necə baxardı.
Qlayder-plesi keçən kimi kanalizasiya borusunun, dağıdılmış betonun içində paslı dəmir qapaqdan ibarət baş küçə lükünə çatıb işə başladılar. Mikrob yuvasına çevrilmiş qapaq neçə ildi ki, açılmırdı, onu güclə qaldırdılar. Sonra Əndru ehtiyatla fənəri üfunətli quyuya yönəldib oranı işıqlandırdı – aşağıda ovulub sökülmüş daş qanovla qatı lehmə axıb gedirdi.
Denni əsəbi pıçıltı ilə dedi:
– Qiyamətdir, elə deyilmi? Ora baxın, Mənson, görün qanovda necə çatlar var. Axırıncı dəfə baxın!
Sonra bir kəlmə də danışılmadı. Əndrunun əhvali-ruhiyyəsi, nədənsə, birdən-birə dəyişdi, o indi tamam ruhlanmış, həvəsə gəlmişdi, Denninin özündən az qətiyyətli deyildi. Burada çürüyən iyrənc şeylər ucbatından insanlar ölürlər, məmurlar isə bir tədbir görmək istəmirlər! İndi daha xəstənin böyründə əyləşib ah çəkmək və qarnını heç nəyə dəyməyən dərmanlarla doldurmaq vaxtı deyil.
Onlar cəld hər dəmir qutuya bir dinamit çubuğu yerləşdirdilər. Fitili müxtəlif uzunluqda doğrayıb qutulara bənd etdilər. Kibrit qaranlıqda alışıb Denninin solğun, tutqun üzünü, Əndrunun əsən əllərini aydın işıqlandırdı. Sonra birinci fitil fışıldadı. İçi doldurulmuş dəmir qablar– ən əvvəl uzun fitilləri olanlar bir-bir, ehtiyatla axan lehmənin içinə buraxıldı. Əndru ətrafda nə olduğunu ayırd edə bilmirdi. Ürəyi həyəcanla çırpınırdı. Bu, sırf təbabət məşğələsinə oxşamırdısa da, ömrünün ən yaxşı dəqiqəsi idi. Axırıncı dəmir qab qanova düşəndə, qısa fitili alışıb fışıldayanda birdən-birə Qoukins gördüyü bir siçovulun dalınca qaçdı. Araya müvəqqəti çaxnaşma düşdü, bu intermediyada it hürə-hürə qaçır, onu tutmaq istəyən iki nəfər də indicə ayaqları altında baş verə biləcək partlayışın dəhşətini duyaraq onu qovurdu. Sonra lükün qapağı yerinə qoyuldu və Əndru ilə Denni küçədə üzü yuxarı otuz yardadək dəli kimi yüyürdülər.
Onlar Rednor-pleysin tininə çatıb geri boylanmaq üçün dayanmışdılar ki, birdən gurultu eşitdilər: – part! – birinci dəmir qab partladı.
– Vallah bunu biz elədik, Denni! – deyə Əndru sevinclə çığırdı. İndi onun qəlbində Denniyə qarşı yoldaşlıq hissi baş qaldırmışdı, o, Denninin əlindən yapışmaq, ucadan nəsə demək istəyirdi.
Sonra yubanmadan, dəqiqliklə digər yeni boğuq partlayış səsləri də eşidildi – ikinci, üçüncü, dördüncü, beşinci, nəhayət ən effektlisi – axırıncı partlayış; bu partlayış, deyəsən dörddə bir mildən yaxın deyildi, səs vadinin o başından gəldi.
Denni səsini alçaldıb:
– Hə, bu da belə, – dedi və elə bil həyatının bütün gizli dərdləri bircə bu sözdə ifadə olundu. – Bir biabırçılıqdan qurtardıq.
Bu sözlər ağzından təzəcə çıxmışdı ki, çaxnaşma başladı. Pəncərələr, qapılar taybatay açılır, qaranlıq küçəyə hər yandan işıq düşürdü. Adamlar evlərdən çölə yüyürürdülər. Bir dəqiqə keçməmiş küçə adamla doldu. Əvvəlcə kimsə qışqırdı ki, mədəndə partlayış olub. Lakin camaatın içindən dərhal etiraz səsləri ucaldı, partlayış səsləri aşağıdan, vadidən gəlirdi. Mübahisələr başladı, hərə öz mülahizəsini qışqıra-qışqıra söyləyirdi. Bir dəstə kişi fənərlə kəşfiyyata yollandı. Gecənin bu aləmində həyəcanlı səslər hey uğuldayır, sakitləşmək bilmirdi. Denni ilə Mənson qaranlığın və səs-küyün pərdəsi altında sürüşüb aradan çıxaraq, dolambac yollarla evlərinə qayıtdılar. Əndrunun damarlarından axan qan da zəfər nəğməsi oxuyurdu.
Ertəsi gün səhər hələ səkkiz olmamış qaşqabaqlı sifəti çiy dana ətini xatırladan, gonbul doktor Qriffits avtomobillə gəlib çıxdı. Onu isti yatağından bələdiyyə şurasının üzvü Qlin Morqan dəhşətli lənətlər yağdıra-yağdıra oyatmışdı. Qriffits yerli həkimlərin telefonla çağırışlarına cavab verməyə bilərdi, lakin Qlin Morqanın hirsli hökmlərinə əməl etməmək olmazdı. Qlin Morqanın hirslənməsi üçün isə səbəb vardı: həkim şura üzvünün şəhərin yarım milliyində, vadidə yerləşən təptəzə villası bir gecədə orta əsrlərin lehməsi dolmuş xəndəklə əhatə olunmuşdu. Şuranın üzvü və onun tərəfdarları Heymer Devis və Den Roberts tam yarım saat başqalarının da eşidə biləcəyi tərzdə ucadan tibb inspektoruna dişlərinin dibindən çıxanı dedilər.
Bundan sonra Qriffits alnının tərini silə-silə, qıçlarını sürüyə-sürüyə əhvalatla maraqlanan məmnun camaatın içində Mənsonla yanaşı durmuş Denniyə sarı yeridi. İnspektorun onlara tərəf gəldiyini görən kimi Əndru birdən narahat olmağa başladı. Həyəcanlı, yuxusuz gecədən sonra onun əhvalı dəyişmişdi. Sübhün ayazlı işığında alt-üst olunmuş yolun viranə mənzərəsindən pərtləşən Əndru özünü pis hiss etməyə başlamışdı. Lakin Qriffits kimdənsə şübhələnmək vəziyyətində deyildi. O, iniltili bir səslə Filippə müraciət etdi:
– Hə, dostum, sizin üçün gərək yubanmadan təzə su borusu çəkək.
Denninin sifəti laqeyd vəziyyətdə qaldı. Sonra çox soyuq bir tərzdə dedi:
– Mən neçə ay əvvəl sizi xəbərdar etmişdim, Yadınızdadırmı?
– Bəli, bəli, şübhəsiz! Lakin mən hardan biləydim ki, bu lənətə gəlmiş boru bir gün partlayacaq? Lap məəttəl qalmışam – axı bu necə ola bilər?
Denni ona soyuq nəzərlə baxdı.
– Bəs sanitariyaya aid biliyiniz hanı, doktor? Məgər bilmirsiniz ki, kanalizasiya borularına yığılmış qaz çox asan alovlanır?
Elə bazar ertəsindən təzə borunun çəkilişinə başladılar.
V
Üç ay keçdi.
Gözəl mart günlərindən biri idi. Dağlardan əsən ilıq mehdən baharın gəlişi duyulurdu. Dağlarda güclə sezilən ilk yaşıl zolaqlar burada daş karxanalarının, şlak qalaqlarının törətdiyi biabırçı vəziyyətə meydan oxuyurdu. Mavi səmanın cazibədar fonunda Blenelli belə gözəl görünürdü.
Əndrunu elə indicə Riskin-stritə xəstə üstünə çağırmışdılar. O, xəstəyə baş çəkmək üçün evdən çıxanda yaz gününün gözəlliyindən ürəyinin daha şiddətlə döyündüyünü hiss etdi. O, artıq bura alışmış, elə bil başqa aləmdən tamam ayrılıb dağlar arasına gömülmüş bu orijinal, primitiv şəhərə öyrəşmişdi. Onun heç bir əyləncə yeri, hətta kinosu da yoxdu, ürəksıxan mədənlərindən, daş karxanalarından, filiz emal edən zavodlarından, cərgələnmiş kilsələrindən, bir də tutqun evlərindən başqa heç nəyi yoxdu. Bu, elə bil öz aləminə qapılmış qəribə, sakit bir şəhərdi. Buranın camaatı da, bir növ, yad və anlaşılmazdı; adamların Əndrudan kənar gəzdiyinə baxmayaraq onlar bəzən gənc həkimdə istər-istəməz səmimi hisslər oyadırdılar: alverçilərdən, keşişlərdən və bir dəstə əsnafdan başqa bütün adamlar mədənlərin sahibi olan şirkətin fəhlə və qulluqçuları idi. Hər növbə başlanana yaxın və onun axırında bu kiçik şəhərin sakit küçələri qəflətən oyanar, altına dəmir vurulmuş başmaqların taqqıltısından lərzəyə gələr, insan ordusunun təzyiqi altında birdən-birə canlanardı. Gematit mədənində işləyənlərin paltarları, ayaqqabıları, əlləri, hətta üzləri də tünd-qırmızı filiz tozuna bulaşmış olurdu. Daş karxanasının fəhlələri içinə pambıq qoyulmuş moleskin kombinezonlar geyər, altdan dizlərini sarıyardılar. Pudlinqçiləri diyir-diyir pambıq parçadan tikilmiş sürməyi şalvarlarından tez tanımaq olurdu.
Onlar az, əsasən valli dilində danışırdılar. Ayrıca dolanmalarından, qaradinməzliklərindən digər irqin nümayəndələrinə oxşayırdılar. Lakin bunlar çox yaxşı adamlardı. Evdə, kilsə salonlarında, şəhərin yuxarı hissəsindəki futbol meydanında adi əyləncələrlə qane olurdular. Ən çox isə musiqini xoşlayırdılar, – dəbdə olan bayağı, şit mahnıları yox, ciddi, klassik musiqini. Əndru çox vaxt gecə küçələrdən keçərkən bu yoxsul daxmalardan ucalan fortepiano səsi eşidərdi – bu, çox yaxşı çalınan, gecənin sükutunu yarıb yuxarı, əlçatmaz dağlara, daha yuxarılara qanadlanan Bethovenin sonataları, yaxud Şopenin prelüdləri idi.
Doktor Peycin vəziyyəti Əndru üçün tamam aydındı. Edvard Peyc bundan belə bircə xəstə də qəbul edə bilməyəcəkdi. Lakin fəhlələr tam otuz il onlara can-başla, vicdanla xidmət etmiş həkimi "ələ vermək" istəmirdilər. Həyasız Bloduen isə hiylə, yaltaqlıq və aldatma yolu ilə fəhlələrin müalicə üçün pul çıxılmasının bütün haqq-hesabı əlindən keçən mədən direktoru Uotkinsi tovlayıb, işi elə qura bilmişdi ki, doktor Peyc yenə də ştatda qalır, beləliklə də arvadı çoxlu pul qazanır, Peycin bütün işlərini görən Mənsona isə bu qazancın az qala altıda bir hissəsini verirdi.
Əndru Edvard Peycə ürəkdən acıyırdı. Bu nəcib və sadə qəlbli insan Eberistvit kafesində işləyən həris, qəşəng gonbul Bloduenlə evlənəndə çaqqal gavalısı kimi qara, qaynar gözlərin arxasında nələr gizləndiyini bilməmişdi. İndi iflic olmuş, yatağa düşmüş Peyc bütünlüklə bu qadından, onunla nəvazişlə, lakin nəsə şən, fərəhli bir zalımlıqla davranan Bloduendən asılı idi. Bloduenin ərini sevmədiyini demək olmazdı. Onda Peycə qarşı xüsusi bağlılıq vardı. Əri, doktor Peyc onun xüsusi mülkiyyəti idi. Xəstənin otağında Əndruya rast gələndə o, təbəssümlə, lakin həmişə kənar edilən, məhəl qoyulmayan bir adamın qısqanclığı ilə yaxınlaşıb ucadan deyərdi:
– Hə, yenə ikilikdə nə barədə danışırsınız?
Fağırlığına, fədakarlığına görə Edvard Peyci sevməmək olmazdı. Yatağa yapışıb qalmış köməksiz qoca bu qarabuğdayı, hövsələsiz, həyasız qadının, arvadının bütün səs-küylü qayğılarına tabe olurdu, onun tamahkarlığının, inadlı, utanmaz müdaxilələrinin, usandırıcı hərəkətlərinin qurbanı idi.
Edvard Peycin Blenellidə qalmasına artıq heç bir lüzum yoxdu, buna görə də o, daha isti, dolanacaq üçün daha əlverişli şəraiti olan bir yerə getmək həsrətilə yaşayırdı. Bir dəfə Əndru ondan: "Ürəyinizdən nə keçir, ser?" – deyə soruşanda o, köksünü ötürüb belə demişdi:
– Dostum, mən buradan baş götürüb getmək istərdim. Bu gün Kapri adası haqqında oxudum… Orada quşlar qoruğu yaratmaq istəyirlər… – o, bu sözləri deyib üzünü yastığın içində gizlətdi. Onun səsində dərin həsrət hissi vardı.
O heç vaxt özünün həkimliyindən danışmazdı. Olsa-olsa bəzən sözarası yorğun səslə deyərdi: "Doğrusu, mən dərin biliyə malik olmamışam, amma əlimdən gələni etməyə çalışmışam". O, saatlarla qımıldanmadan uzanıb, Enninin hər səhər böyük qayğı ilə quşlar üçün çörək qırıntısı, piy qabığı, əzilmiş hind qozu səpdiyi pəncərəyə tamaşa edə bilərdi. Sellüloid döşlüklü rəngi solmuş qara kostyumunda yöndəmsiz, təmtəraqlı görünən qoca şaxtaçı İnox Devis hər bazar günü səhər xəstənin yanına gələrdi. Hər ikisi – həm qonaq, həm də ev sahibi dinməz oturub pəncərəyə qonan quşlara tamaşa eləyərdi. Bir dəfə Əndru həyəcan içində aşağı düşən İnoxa rast gəldi. Qoca şaxtaçı çığırdı: "Doktor, bu gün işimiz yaman uğurlu olub! İki çox qəşəng arıquşu lap bir saatadək pəncərədə oturmuşdu!.."
İnox Peycin yeganə dostu idi. O, şaxtaçılar arasında böyük nüfuza malikdi. Buna görə də and içmişdi ki, nə qədər sağdır, doktor Peycin xəstələri siyahısından bir adam da pozulmayacaq. İnoxun heç ağlına da gəlməzdi ki, zavallı Edvard Peycə bu sədaqətilə o, qaş qayıran yerdə göz çıxarır.
Bu evə tez-tez gələnlərdən biri də Qərb bankının direktoru, ilk baxışdan Əndruya xoş gəlməyən arıq, uzundraz, daz başlı Ənyurin Ris idi. Şəhərin ən mötəbər şəxslərindən biri olan bu adam heç vaxt heç kəsin düz gözünün içinə baxmazdı O, "Brinqouer"ə gələndə ancaq nəzakət xatirinə beş dəqiqə doktor Peycin yanında olar, sonra qapını cəftələyib tam bir saat missis Peyclə bir otaqda qalardı. Bu görüşlər zamanı heç bir günah iş tutulmurdu, onlar ancaq pul məsələlərinə həsr olunurdu. Əndru güman eləyirdi ki, Bloduenin bankda öz şəxsi hesabında xeyli pulu var və Ənyurin Risin səlahiyyətli rəhbərliyi ilə bu pulunu ustalıqla artırır. Əndru üçün həyatının bu dövründə pulun heç bir əhəmiyyəti yoxdu. "Qlen fondu"na borcunu səliqə ilə qaytara bilməsi ona kifayət idi. Hələ üstəlik cibində papiros üçün də bir neçə şillinqi qalırdı. Əsas məsələ bu idi ki, onun sevimli işi vardı.
Klinik işin onun üçün nə qədər qiymətli və maraqlı olduğunu heç vaxt indiki kimi aydın hiss etməmişdi. Onda daim yaşayan bu hiss yorğun, dilxor, ruhən əzgin olduğu zaman istisilə qızındığı alov kimi idi. Son vaxtlar daha qeyri-adi çətinliklər meydana çıxır, onu daha çox narahat edirdi. Lakin o, bir həkim kimi müstəqil fikir yürütməyə başlayırdı. Bəlkə bunun üçün o, ən çox Denniyə onun sərt, kəskin, dağıdıcı baxışlarına borclu idi. Denninin dünyagörüşü indiyədək Mənsona təlqin edilmiş hər şeyin tamam əksinə idi. Bu dünyagörüşünü ikicə kəlmə ilə ifadə edib, onu İncil ayəsi kimi Denninin çarpayısının baş tərəfindən asmaq olardı: "Mən inanmıram".
Tibb fakültəsində adi hazırlıq aldıqdan sonra Mənson qalın cildli sanballı dərsliklərin təlqin etdiyi hər şeyə dərin inam bəsləyərək gələcəyin pişvazına çıxdı. Onun başını fizika, kimya, biologiya üzrə səthi biliklə doldurmuşdular – hər halda o, yer üzünün soxulcanlarını öyrənib onlardan preparatlar hazırlamışdı. Sonra ona adi nəzəriyyələri ehkam kimi təşəxxüslə təqdim etmişdilər. Bütün xəstəliklər artıq müəyyənləşdirilmiş əlamətləri və onlara qarşı mübarizə vasitələri ilə ona məlumdu. Misal üçün podaqranı götürək. Onu zəfəran arağı ilə müalicə etmək olar. Professor Lemplafın auditoriya qarşısında mülayim-mülayim belə mızıldadığını Əndru çox yaxşı xatırlayırdı: "Vinum colchici, cənablar, onun iyirmidən otuzadək damcısı podaqranın spesifik müalicə vasitəsidir". İndi isə Əndru öz-özünə belə sual verirdi: bu, doğrudan da belədirmi? Bir ay əvvəl əsl podaqraya, "yoxsulların amansız və əziyyətli podaqrasına" rast gəldiyi zaman həmin vasitəni lazımi dozada sınaqdan keçirdi, nəticəsi çox acınacaqlı, uğursuz oldu.
Bəs farmakopeyanın qalan "müalicə" vasitələrinin yarısı yox, dörddə üç hissəsi haqqında nə demək olar? Bu dəfə Əndrunun hafizəsində onlara Materia medica-dan mühazirə oxuyan doktor Eliotun dedikləri səsləndi: "Cənablar, indi biz elemə – nəbatatdan əmələ gəlməsi dəqiq müəyyənləşdirilməmiş, ancaq çox güman ki, Canarium commune bitkisindən törənən bərk qatranlı maddəyə keçirik. Bu maddə Manilladan gətirilir və sürtmə yağı şəklində beşə bir nisbətdə işlədilir. O, yara və qanaxma zamanı xəstənin ümumi vəziyyətini yaxşılaşdıran dərman və dezinfeksiya vasitəsi kimi misilsizdir.
Boş şeylərdir! Bəli, bütün bunlar tamam boş şeylərdir! İndi o, bunu apaydın görürdü. Görəsən, Eliot heç unguentum elemi sürtmə yağından istifadə edibmi? Əndru əmindi ki, yox. Bütün bu əllamələri kitabdan oxuyub, bu kitaba da onlar digər kitabdan düşüb və ilaxır. Əgər bu kəlamların mənşəyi axtarılsa, gedib orta əsrlərə çıxmaq olar. Arxaik istilahlar da bunu sübut edər.
Denni hələ birinci axşam sulu dərman hazırlayan Əndrunun sadəlövh inamına gülmüşdü. O, xəstənin qarnını hər cür "horra" ilə dolduran həkimləri həmişə lağa qoyurdu. Denni inamla deyirdi ki, ancaq dörd-beş dərman həqiqətən xəstəyə fayda verir, bütün qalanları o, saymazyana "zibil" adlandırırdı. Denninin saymazyana sözlərində Əndrunu gecələr yatmağa qoymayan dağıdıcı bir fikir vardı ki, bunu da o, hələ dumanlı şəkildə dərk etməyə başlayırdı.
Bu barədə fikirləşə-fikirləşə Əndru gəlib Riskin-stritə çatdı və üç nömrəli evə girdi. Məlum oldu ki, burada doqquz yaşlı oğlan uşağı Co Houels yüngül formalı qızılca çıxarıb. Uşağın xəstəliyi təhlükəli deyildi, lakin ailənin yoxsulluğu və ağır şəraiti üzündən Conun anasının qarşısına ciddi çətinliklər çıxacaqdı. Daş karxanasında günəmuzd işləyən Houelsin özü plevrit xəstəliyi ilə yatağa düşmüşdü, üç aydı ki, heç bir pul yardımı almırdı. Sektant kilsəsində süpürgəçi işləyə-işləyə bir xəstəyə qulluq etməkdən onsuz da əldən düşmüş zərif və xəstə görkəmli missis Houels indi xəstə oğlunun halına da can yandırmalı idi.
Evdən çıxarkən Əndru qapı ağzında qadınla söhbət etdi və təəssüf hissilə dedi:
– Sizin onsuz da o qədər işiniz, gücünüz var ki! Bu yandan da İdrisi evdə saxlamalı olacaqsınız, onu məktəbə buraxmaq olmaz. (İdris Coun kiçik qardaşı idi).
Missis Houels cəld başını qaldırdı. O, qırmızı əllərinin dərisi çat-çat olmuş, barmaqlarının oynaqları şişmiş cılız, fağır bir qadındı.
– Yox, miss Barlou dedi ki, İdris məktəbə gedə bilər.
Qadının halına ürəyi yansa da, Əndru bu sözdən möhkəm hirsləndiyini hiss etdi.
– Eləmi? Axı bu miss Barlou kimdir?
Ağlına heç bir şey gəlməyən missis Houels izah etdi:
– Benk-stritdə məktəb müəllimidir. Bu gün səhər bizə gəlmişdi. Güzəranımın çətinliyini görüb İdrisin məktəbə getməsinə izin verdi. Əgər onun da ağırlığı üstümə düşsəydi, bircə allah bilir ki, halım necə olardı.
Əndru çox istəyirdi qadına desin ki, o, burnunu ona dəxli olmayan işlərə soxan bir məktəb müəlliminin yox, onun göstərişlərinə əməl etməyə borcludur. O, çox gözəl başa düşürdü ki, bu işdə missis Houelsi günahlandırmaq olmaz, buna görə də özünü saxladı, dinmədi. Lakin qadınla vidalaşıb Riskin-stritlə gedərkən qaşqabağı yer süpürürdü. Onun işinə qarışanlardan zəhləsi gedirdi, illah ki, bu adam qadın ola. O, bu barədə fikirləşdikcə, daha çox qəzəblənirdi. Qardaşı Co qızılcadan yatarkən İdrisi məktəbə buraxmaq – mövcud qayda-qanunu açıq-aşkar pozmaq deməkdi. Buna görə də Əndru birdən qərara aldı ki, həmin zəhlətökən miss Barlounun yanına gedib onunla əməlli danışsın.
Beş dəqiqə sonra o, Benk-stritin yoxuşu ilə qalxıb məktəbə gəldi, qapıçı qadından "birinci normal" sinfin yolunu soruşdu, gəlib onu tapdı. Qapını döyüb içəri girdi.
Havası yaxşıca dəyişdirilmiş geniş otağın bir küncündə buxarı yanırdı. Burada yeddi yaşınadək uşaqlar oxuyurdular, İndi tənəffüs olduğundan hər uşağın qabağında bir stəkan süd vardı.
Mənsonun gözləri dərhal müəlliməni axtardı. Müəllimə arxası ona tərəf dayanıb lövhədə rəqəmlər yazırdı, buna görə də əvvəl Mənsonu görmədi. Nəhayət çevrildi.
Bu, qəzəbli vaxtında təsəvvürünün onun üçün rəsm etdiyi həmin "zəhlətökən" qadına oxşamırdı. Buna görə də çaşıb qaldı. Onu karıxdıran bəlkə də qızın qonur gözlərindəki heyrət idi. Mənson qızarıb soruşdu:
– Miss Barlou sizsiniz?
– Bəli.
Onun qarşısında qəhvəyi toxunma yubka, yun corab və xırdaca qaba başmaqlar geymiş arıq, nazik bir qız dayanmışdı. Mənsonun ağlına gəldi ki, qız çox güman onunla yaşıd olar, yox, deyəsən cavandır, iyirmi ikidən artıq yaşı olmaz. Qız yüngül heyrət hissi ilə onu gözdən keçirir, dodaqaltı gülümsəyirdi. Elə bil uşaqların hesab dərsindən yorulub, belə gözəl bahar günündə gözlənilmədən qarşısına çıxan əyləncəyə sevinirdi.
– Deyəsən siz doktor Peycin təzə köməkçisisiniz?
– Məsələ mənim kim olmağımda deyil, – deyə Əndru soyuq cavab verdi. – Mən doğrudan da doktor Mənsonam. Sizdə İdris Houels oxuyur. Siz bilirsinizmi ki, onun qardaşı qızılca çıxarıb?
Araya sükut çökdü. Qızın gözləri təəccüblə baxırdısa da, mehriban ifadəsini itirməmişdi.
Miss Barlou dağınıq saçlarını alnından kənar edib cavab verdi:
– Bəli, bilirəm.
Qız deyəsən Mənsonun gəlişinə ciddi yanaşmaq fikrində deyildi, buna görə də Əndrunu təzədən qəzəb boğdu.
– Siz başa düşürsünüzmü ki, onu burada saxlamaq, bütün qanunlara zidd getmək deməkdir?
Mənsonun səsinin ahəngindən qız pörtdü, üzündəki mehribanlıq ifadəsi çəkildi. Mənson onun təravətli, təmiz dərisini görməyə bilməzdi. Hələ üstəlik sağ yanağının yuxarısında eynilə gözləri rəngindəki xırdaca qəhvəyi xalı da nəzərindən qaçmadı. Qız ağ koftasında çox zərif, kövrək, lap yeniyetmə təki gülməli görünürdü. O, tez-tez nəfəs alsa da, hər halda ağır-ağır, sakit səslə dedi:
– Missis Houels başını tamam itirib. Buradakı uşaqların çoxu qızılca çıxarıb. Çıxarmayanlar isə tez-gec çıxaracaqlar. Əgər İdris məktəbə gəlməsəydi ona böyük fayda verən südü də ala bilməyəcəkdi.
Mənson onun sözünü kəsdi:
– Məsələ süddə deyil. Onu başqa uşaqlardan mütləq ayırmaq lazımdır.
Qız inadla ona etiraz elədi.
– Müəyyən dərəcədə ayırmışam da. Əgər inanmırsınızsa, baxa bilərsiniz.
Mənson qızın baxdığı səmtə döndü. Beş yaşında olan İdris uşaqlardan ayrı, buxarı qarşısında, alçaq partada əyləşib həyatdan çox razı bir halda süd dolu krujkasının arxasından solğun mavi gözlərini sevinclə bərəldib baxırdı.
Bu mənzərə Əndrunu daha da hirsləndirdi. O, kinayəli, əsəbi halda güldü.
– Siz bunu başqalarından ayırmaq hesab edə bilərsiniz, mən isə təəssüf ki, yox. Siz elə bu saat uşağı evə göndərməlisiniz.
Qızın gözlərində qığılcımlar parladı.
– Sizin heç ağlınıza gəlmir ki, bu sinfin sahibi mənəm? Bəlkə siz adamlara daha geniş miqyasda ağalıq etmək haqqına maliksiniz, lakin burada təkcə mən göstəriş verə bilərəm.
Əndru özünü çəkib nifrət dolu gözlərini qıza dikdi.
– Siz qanunu pozursunuz! Sizin uşağı məktəbdə saxlamağa haqqınız yoxdur! Tərslik etsəniz, bu barədə inspektora xəbər verəcəyəm.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68336749) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Qədim yəhudilərdə Allah evi.
2
Qədim yəhudilərdə Mərhəmət evi.
3
Qırmızı dəmir filizi, “qanlı filiz”.
4
Pyrexia – qızdırmalı vəziyyət.
5
Con Hunter – məşhur şotland cərrahı.
6
Su.
7
Seylon mamırından və Şərqi Hindistanın dəniz yosunlarından əldə edilmiş jelatinvari maddə.
8
Döş divararasının iltihabı.