Seçilmiş əsərləri
Əbdürrəhim bəy Haqverdiyev
Kitaba Ə.Haqverdiyevin (1870 – 1933) bədii nəsrindən seçmələr və fərqli xarakterli üç dram əsəri daxil edilmişdir.
Bəzi ifadələrin asan başa düşülməsi üçün təqribən 600 sözdən ibarət lüğət tərtib edilmişdir. Lüğət dilimizdə az-az işlədilən, ərəb, fars, rus tərkibli və təhrif edimiş söz və söz birləşmələrinin tərcümə, bəzən isə izahını verir.
Əbdürrəhim bəy Haqverdiyev
Seçilmiş əsərləri
NƏSR ƏSƏRLƏRİ
ATA VƏ OĞUL
Hacı Xəlil, müsinn şəxs, həştad beş il dünyada ömür edəndən sonra, xudavəndi-aləmin əmrini yerinə yetirməkdə idi. Bir böyük otağın ortasında hacını üzü qibləyə uzadıb, başının üstündə molla tilavəti-quran etməyə məşğul idi. Sağ tərəfdən hacının övrəti əyləşib, əlində dəsmal, həzin-həzin hacı ilə keçirdiyi günləri yada salıb ağlayırdı. Sol tərəfdə hacının cavan oğlu kürsü üstündə oturub bikef gözlərini bir nöqtəyə dikmişdi və tək-tək ahi-sərd ürəyindən çəkirdi. Hacının qədim nökəri Kərbəlayı Qulaməli iranlı, qapının ağzında ayaq üstündə durub gözlərinin yaşını abi-nisan kimi ağ saqqalından axıdırdı. Heç kəs bir söz danışmırdı, hamının gözü hacının üzündə idi.
Hacı Xəlili böht aparmışdı və bu böhtün içində onun keçən günləri bir-bir gəlib gözünün qabağından ötürdü. Budur, balaca Xəlil səkkiz yaşındadır. Atası qovurmaçı Səlim öz övrətinə deyir: “Övrət, bu uşağın məktəbə getmək vaxtıdır, mənim sənətim də bir elə sənət deyil ki, aparım bu yazığa da öyrədim. Meydanın ortasında baharın yağışı, qışın qarı başıma yağa-yağa, yayın istisi bir yandan və ocağın istisi o biri tərəfdən məni yandıra-yandıra mən çörək qazanıram. Bunlar hamısı mənim bisavadlığımdandır. Heç olmasa bu uşağı oxudaq, bəlkə savadı cəhətinə asan çörək qazanıb bizə rəhmət oxuya”. Xəlilin anası ərinin sözlərini bəyənib, durub bir qazan su qızdırıb Xəlilin başını yudu, birçəklərini daradı, çiyninə heybə salıb içinə para çörək qoydu, atasına qoşub “oğul, Allah özü sənə yar olsun” deyib məktəbə yola saldı.
Hacının mollası və yoldaşları bir-bir onun gözünün qabağından keçirdilər. Budur, Mirzə Nəsib iranlı qoca kişi yuxarı başdan əyləşib, qabağında bir dəstə çubuq, gözlərində eynək, uşaqlara məşq başı yazmağa məşğuldur və uşaqlar divarın dibində cərgə ilə düzülüb oturublar. Kimisi dərs oxuyur, kimisi falaqqadan təzə çıxmış ayaqlarını ovuşdurub ağlayır və kimisi yoldaşlarının papaqlarından yun qopardıb manqala salır ki, bəlkə gün çıxa. Amma Xəlil özü bir küncdə əyləşib, əlində çərəkəsi, diqqəti tamamilə dərsini əzbərləməkdədir. Ələlxüsus yadına gəlir Quranı çıxdığı gün ki, atası ona bir dəst təzə libas tikdirib dedi: “Bala, Allahdan arzu edirdim sənin qazancından bir çörək yeyib ondan sonra öləydim”. Atasının bu sözləri Xəlilin ürəyində bir nisgil olub, ölənədək qalmışdı: çünki atası onun qazancını görməyib, onu bir balaca bacı ilə ana əlində yetim qoyub Allahın rəhmətinə getdi.
Biçarə Xəlil on beş yaşında yetim qalıb, bir xırda savadla məktəbi tərk edib anasına və bacısına çörək qazanmaq fikrinə düşdü.
Xəlilin atasından bir balaca, iki otaqdan ibarət ev və iyirmi iki manat kağız pul qalmışdı. Bir neçə gün binəva uşaq çalışıb vuruşdu, amma heç yerdə özünə qulluq tapa bilmədi, axır anası görüb ki, kişidən qalan pulun çox yarısı xərclənib və halət bu günə keçsə, pulun qalanı da qurtarsa, elə acından öləsidir. Bir gün, cümə günü bir cüt mərdanə corab bazardan alıb, oğlunu yanına salıb getdi Mirzə Nəsibin evinə. Yazıq övrət Mirzə Nəsibin övrətinin yanına gəlib bu sözləri dedi: “Xanım, bu uşaq axundun dəstpərvərdəsidir. Necə il buna dərs verib, savad sahibi eləyib, indi də axundun özünə məlumdur ki, bunun atası ölüb, heç bir şey də özündən sonra qoymayıb. Bir külfət gözünü dikib bir balaca yetimə. Bu bir cüt corabı qoy axundun qabağına, mənim dilimcə ona yalvar, degilən Allah xatirinə indiyədək bu uşağa ata olub, indi buna rəhm edib bunu bir yerə nökərçiliyə də olsa versin ki, bəlkə ayda beş-altı manat məvacib alıb onunla özünü və yetim bacısını saxlasın”.
Anasının bu sözləri heç Hacı Xəlilin yadından çıxmazdı, tez-tez bu sözləri övrətinə və aşnalarına deyərdi və həmişə də Mirzə Nəsibə rəhmət oxuyardı və deyərdi ki: “Mənim bir parça çörəyimin səbəbi o mərhum olub”.
Mirzə Nəsib, Xəlilin anasının danışığını o biri otaqdan eşidirdi, qoca mirzəyə övrətin sözləri o qədər təsir etdi ki, gözündən biixtiyar yaş cari oldu. Hövlnak yerindən qalxıb övrətin otağına keçdi. Xəlilin anası üzünü örtüb küncə girdi və Xəlil də əlini döşünə qoyub, mollasına təzim edib ədəblə durdu. Mirzə Nəsib corabı qəbul etməyib, Xəlilin anasını xatircəm edib yola saldı və Xəlili özü ilə götürüb öz dostu Ağa Hüseyn xüşkəbarfüruşun yanına apardı.
Ağa Hüseyn bir dövlətmənd şəxs idi. İranla böyük xüşkəbər alış-verişi edirdi. Amma bisavad olmağına görə həmişə bir yazı bilən adama möhtac idi. Mirzə Nəsib o qədri ki bacarırdı Xəlili Ağa Hüseynə tərif edib təvəqqe etdi ki, onu öz yanında saxlasın. Ağa Hüseyn öz dostunun təvəqqeini qəbul edib ayda altı manat məvacibə Xəlili dükanda qulluq etməyə qəbul etdi. Hətta ona çörək və ildə də bir libas verməyi həm boynuna götürdü.
Xəlil şadlığından bilmədi ki, nə tövr gəldi evə çıxdı. İndi balaca uşaq özünü kişi və külfət sahibi hiss edirdi və bu hiss onun üçün bir mayeyi-iftixar olmuşdu. Altı manat o vədə böyük pul idi: ətin beş girvənkəsi bir abbasıya, yağın pudunu üç manata verirdilər və Hacı Xəlilin yadındadır ki, altı manatla onun anası və bacısı mürəffəülhal dolanırdılar.
Xəlil başladı Ağa Hüseynə qulluq etməyə və əvvəl gündən ixlas, çapıqlıq və doğruluq göstərdi və bunun bu sifətləri Ağa Hüseynin məhəbbətini gün-gündən ona artırdı. Hər bir vaxt Mirzə Nəsibi görəndə Ağa Hüseyn rizaməndlik edib deyirdi ki: mən əlli ildir alış-veriş edirəm, bu cür qoçaq oğlan görməmişəm.
Bir il qulluq edəndən sonra Ağa Hüseyn Xəlilin məvacibini on manat etdi. Xəlil ağasının qulluğa qədr və qiymət qoymağını görüb, bir az da ixlas və iradətini ona artırdı.
Dörd il bu növlə Xəlil Ağa Hüseynə qulluq etdi və bu dörd ilin müddətində məvacibi otuz manata yetişmişdi. Bu məvacibə Xəlil nəinki ağayana dolanırdı, hətta bir-iki yüz manatadək də pul cəm edib Ağa Hüseynə tapşırığa vermişdi və Ağa Hüseyn hər mal alanda Xəlilin puluna əlahiddə mal alıb satıb mənfəətini onun pulunun üstünə qoyurdu.
Bir gün Xəlil anasına xəbər gətirdi ki, bəs Ağa Hüseyn istəyir bunu özü ilə İran səfərinə aparsın və iki gündən sonra yola düşəsidilər.
Bu xəbər anasına və bacısına nə tövr təsir elədi, heç Hacı Xəlilin yadından çıxmaz idi. İki gün balasını gözündən qoymayan ana və qardaşından ayrılmaq istəməyən bacı xəlvətdə ağlayırdılar, amma Xəlilin yanında toxtaqlıq göstərib ona tədarük görürdülər.
Səfər günü Xəlil əmisi kəlləpəz İmanı gətirib evlərində həyan qoyub anası və bacısı ilə ağlaya-ağlaya vida etdi. Biçarə övrət Quran götürüb əziz oğlunu Quranın altından keçirib dalınca bir qab su atıb ağlaya-ağlaya mənzilə qayıtdı.
Xəlil Ağa Hüseynlə bahəm varid oldular İran torpağına. Ağa Hüseyn cəmi xüşbərə mərkəzlərini və alış-veriş yollarını ona göstərdi və axırda üzün ona tutub dedi:
– Bala, mən səni buraya özüm üçün kömək gətirmişəm. Mən, budur, neçə ildir İrana səfər edirəm. Heç bir səfərdə köməyə ehtiyacım olmayıb, ancaq çünki sən həmişə qulluqçuluq etməyib axırda özün üçün bir alış-veriş etmək fikrinə düşəcəksən, ona görə mən istəyirəm ki, ticarətin hər bir yolunu və qaidəsini sənə öyrədim.
Xəlil, Ağa Hüseynin bu sözlərinə bilmədi nə tövr rizaməndlik etsin. İrana əvvəl viruddan Xəlilin zəkavəti, çapıqlığı, ayıqlığı Ağa Hüseyni təəccübə gətirdi. Ağa Hüseyn öz dəstpərvərdəsinin bu qabiliyyətini görüb, artıq xoşhal olub fəxr edirdi.
Lazım olan qədər xüşkəbər alıb ulaqlara yükləyib yola saldılar.
Xəlil Ağa Hüseyndən soruşdu ki, nə üçün ulaqları kirayəsinə tutursan?
Ağa Hüseyn soruşdu ki, bəs necə olsun? Dedi:
– Yaxşı olar ki, ulaqları da pulla alaq, tainki vətəndə həm xüşkəbəri, həm də ulaqları qazancına sataq.
Ağa Hüseyn Xəlilin bu sözlərini eşidib, bir az böhtə gedib dedi:
– Bala, bu maddə ki səndə var, inşallah gələcəkdə çox böyük sövdəgər olarsan. Gələn il dəxi mən gəlməyib səni İrana tək alış-verişə göndərəcəyəm.
O il Ağa Hüseyn çox böyük nəf elədi və bu nəfi də Xəlilin ayağının sayəsindən hesab edirdi.
İkinci il Ağa Hüseyn Xəlilin əlinə böyük məbləğ verib, tək İrana göndərdi və bu səfərdə Xəlil yenə artıq diqqət və qabiliyyət göstərib, güclü mal alıb qayıtdı və o il Ağa Hüseynin nəfi keçən ildən artıq oldu.
Xəlilin bu zəhmətinə görə Ağa Hüseyn o ilin mənfəətinin yarısını ona bağışladı. Bu ildən də sonra yenə Xəlil üç dəfə İran səfərinə gedib, hər dəfə baqaidə xeyir edib qayıtdı.
Bir gün Ağa Hüseyn Xəlili çağırıb dedi:
– Oğul, budur, neçə ildir mənim yanımda qulluq edirsən və mən də bu müddətdə sənin mənə aybaay verdiyin pullarla sənin üçün alış-veriş etmişəm. Bu gecə hesaba baxıb görürəm ki, sənin məndə səkkiz min manata qədər pulun var. Bu pulla sən özün üçün məxsus bir alışveriş aça bilərsən. Özün də qabil oğlansan; demək olar ki, anadan dünyaya tacir gəlibsən. Mənim borcumdur sənə təklif edim, istəsən mənim yanımda qalarsan, ya ayrı iş başlamaq xahiş edərsən.
Xəlil cavab verdi ki, əmi (axır vaxtlar Xəlil Ağa Hüseynin öz xahişinə görə ona əmi deyirdi), o yaxşılıq ki indiyə qədər mənim haqqımda edibsən, məni sənə həmişəlik qul edib və səndən ayrıla bilməyəcəyəm. Amma təvəqqe edirəm ki, məni özünə öz puluma görə şərik edəsən, ta yenə bir yerdə ticarət edək.
Ağa Hüseyn Xəlilin üzündən öpüb dedi:
– Oğlum, sən ki belə istiqamətli oğlansan, Allah sənin başından tökəcək. Başqa adam səkkiz min adı eşitsə idi o saat azıb yolundan çıxardı.
Haman il Xəlil bacısını ərə verib, özü də evlənmək fikrinə düşdü. Fikrini anasına izhar etdi və anası gedib Mirzə Nəsibin nəvəsini ona istəyib aldı (haman o qızı ki, bu saat Hacı Xəlilin yanında oturub ağlayır). Mirzə Nəsib vəfat etmişdi və külfəti həmişə Ağa Hüseyndən və Xəlildən ianə alıb dolanırdı. Xəlilin toy xərcini Ağa Hüseyn öz öhdəsinə götürüb əlavə yaxşı peşkəşlər özünə və övrətinə verdi.
Bundan sonra yeddi il Xəlil və Ağa Hüseyn bir yerdə alış-veriş etdilər. Səkkizinci il Ağa Hüseyn vəfat etdi və onun var-yoxu keçdi qardaşının əlinə, çünki Ağa Hüseynin özünün zürriyyəti yox idi.
Ağa Hüseynin vəfatından sonra Xəlil ayrılmaq istədi, hesab çəkdilər. Xəlilin payına yetmiş iki min manat pul düşdü.
Bu gündən Xəlil həm ev və həm alış-veriş sahibi olub, özü üçün məxsus bir dükan açıb başladı İranla ticarəti. Bir neçə ildən sonra Xəlilin alış-verişi böyüdü və Xəlil İrandan başqa Buxara və İstanbulla əlaqə bağladı. Əlli yaşına yetişəndə Məkkeyi-mükərrəməni ziyarət edib hacı ləqəbi ilə müləqqəb oldu. Hacı Xəlil öz qabiliyyətinin, bacarığının və kəmalının səbəbinə şəhərdə, tacirlər arasında əvvəlinci şəxs hesab olurdu. Axirüləmr öləndə iki böyük evi və milyondan ziyada pulu var idi.
Hacının zikr olan günləri necə ki, ərz olundu, bir-bir gözünün qabağından keçirdi. Zamani ki, hacı öldüyünü hiss etdi, yerindən hövlnak gözün açıb, yastıqdan başını qovzayıb üzünü tutdu oğluna, dedi:
– Bala, Əkbər, yaxınıma gəl.
Əkbər kürsünün üstündən düşüb atasının yanında əyləşdi. Hacı Xəlil Əkbərin əlin əlinə alıb bir basdı ürəyinə, dedi:
– Oğul, mənim ömrümdə Allah mənə neçə oğul və qız verib, yenə məsləhət bilib əlimdən alıb. Mənim və bu yazıq ananın ümidi və gözünün axır dikəcəyi dünyada sən olubsan. Yüz zəhmətlə səni mən bu boya yetirmişəm, lazım olan tərbiyəti sənə vermişəm. Hərçənd işqoladan yarımçıq çıxıbsan, amma yenə heç olmasa sənin savadın və qabiliyyətin işqola qurtarmış adamların savadından və qabiliyyətindən az deyil idi. Bala, mənim ömrüm qurtarıb, ölürəm. Ona görə istəyirəm sənə bir neçə vəsiyyət eləyim. Mənim vəsiyyətim qoca, dünya görmüş və səni iki gözündən artıq istəyən ata vəsiyyətidir. Əgər əməl eləyəsən ziyan çəkməzsən.
Əvvəl, bala, bu qoca anan ki, burada oturub, sənin çox zəhmətini çəkib, sənə süd verib, gündüzlər və gecələr gözlərini sənin gözlərinə dikib və rahat olmuyub, nə yatmayıb, səni dizlərinin üstə bəsləyib, sənin barəndə cəmi analıq haqqını yerinə yetirib. İndi də ömrü keçib, əldən düşüb, sən də onu axır günündə gözdən qoymuyasan, həm mənim ruhum səndən razı olar, həm Allah. İkinci vəsiyyətim sənə budur: əgər yenə istəyəsən mənim ruhum səndən razı olsun, bu qoca Kərbəlayı Qulaməlidən muğayat ol. Çünki onun ömrü bu qapıda nökərçilikdə keçib. Bu kərbəlayı yaxşı kişidir, Allah bəndəsi, doğru, dürüst adamdır. Hörmətəlayiq kişidir. Necə ki mən onu indiyə qədər saxlamışam, sən də onu elə saxla, Allah səndən razı olar.
Kərbəlayı Qulaməli hacının bu sözlərini eşidəndə uca sövt ilə hönkürüb bihal dizi üstə çökdü: “Ağa, Allah məni səndən sonra dünyada qoymasın” – deyib qışqırtı ilə ağladı. Hacı əli ilə ona işarə edib guya sakit ol, dedi və sonra yenə üzünü çöndərdi oğluna tərəf və söylədi: “Bala, mən həştad beş il dünyada ömr etmişəm. Bu tul ömrümdə çox vilayətlər gəzib cürbəcür adamlara rast gəlmişəm: deyirlər çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Ona görə bir neçə nəsihət də sənə eləyəcəyəm. Amma dürüst qulaq açıb, dürüst də qulağında saxlayasan. Əvvəla, bala, bu gündən ömrünün axırınadək sən bunu heç xəyalından çıxartma ki, müsəlmansan. Quranın və peyğəmbərin şəriətinin hökmlərinə həmişə itaət elə və bilgilən ki, bu itaətin axirət ruyi-səfidliyindən səvay, dünya xoşbəxtliyi də səninlə olar və Allahın əli və kölgəsi heç vaxt sənin üstündən kəm olmaz. Oğul, cavansan, cavanlığın səhv və xatası olar, çalış xəta etmə. Əgər, xudanəkərdə, səndən bir səhv baş versə, tövbə elə, həmişə səy elə heç kəsə sənin nə dilindən, nə əlindən və nə əməlindən ziyan dəyməsin. Bacar dünyada hamıya yaxşılıq elə, kömək istəyən və sənin pənahına qaçanı heç naümid qaytarma, çünki acizə, mərizə, yoxsula kömək eləmək yaxşı sifətlərin biridir.
Oğul! Mən sənə çox dövlət və mülk qoyub gedirəm və bu dövlətin binası mənim savadım olub. Ona görə, bala, övladın olsa bitərbiyə qoyma və elm axtaran fəqir uşaqlarına həmişə kömək elə. Çünki onlar oxuyub adam olsalar, sən onlara baxdıqca həmişə şad olub və bu şadlıqdan bir ayrı cür ləzzət aparacaqsan.
Yaman yoldaşdan, oğul, həmişə uzaq qaç. Çünki yaman yoldaş səbəbinə insan min bəlayə düçar olar, abrusu əlindən gedər, xalq arasında bədnam olar. Yenə deyirəm, aman yaman yoldaş əlindən!
Hacı Xəlilin səsi gəldikcə zəifləşirdi, axırda nəfəsi bilmərrə qət olub yavaş-yavaş dodaqları tərpənirdi. Yəqin nəsihəti qurtarma-mışdı, hərçənd səsi gəlmirdi, axır qalan nəfəsi ilə ürəyini boşaldırdı. Axırüləmr nəfti qurtarmış çıraq tək Hacı Xəlil söndü, əli boşalıb Əkbərin əli xilas oldu.
Hacının evindən nalə bülənd olub, məhəllə əhlinə onun vəfatını bildirdi. Hacı Xəlil vəfat etdi. Yəni dünyadan bir şəxs rehlət etdi ki, neçə füqəra əlini tutmuşdu, ac qarınlar doydurmuşdu. Çılpağa libas vermişdi.
Ona görə bu şəxs nəinki öz xiş və əqvamının, bəlkə cəmi şəhər əhlinin əlindən getdi.
Xoş o şəxsin halına ki, öləndən sonra onun adı dillərdə diri qala və ehtiram və rəhmətlə yad ola:
Dövləti-cavid yaft hər ki, nigunam zist,
Kəz əqəbəş zikri-xeyr zində künəd namra[1 - Sədinin “Gülüstan” əsərindən bir beytdir. Məzmunu: yaxşı ad qazanan daimi bir zənginlik tapmışdır. Çünki dalınca xeyir danışılan adamın adı ölməz.].
II
Əhli-şəhr Hacı Xəlilin vəfatından müxbir olub, cəm oldular onun evinə. Aparıb nəşini dəfn etdilər və el adəti ilə üç gün baqaidət təziyə saxlayıb, üçüncü gün Əkbəri gətirib, atasının dükanını açıb əyləşdirdilər və xeyir-dua verib, “Allah səni atayın yurdunda qayim və qədim eləsin” deyib hər kəs öz evinə getdi. Bu gündən Əkbər hər bir ixtiyaratı əlinə alıb Hacı Xəlil mərhumun məsnədində əyləşdi.
Əkbər dükanda əyləşib başladı alış-verişi. Bir neçə aydan sonra bir gün Əkbər dükanda ikən gördü onun qədim şkola yoldaşı Rüstəm dükana girdi. Əkbər yoldaşının gəlməyinə çox şad olub, nökəri göndərdi çayçı dükanından çay gətirsin, əyləşdilər söhbətə.
Əkbər Rüstəmi neçə il idi görməmişdi, ona görə gözün onun üzündən kəsməyib danışığına qulaq asırdı. Amma Rüstəmin sifətində heç cavanlıq nişanəsi görünmürdü, hərçənd onun sinni Əkbərdən artıq deyildisə də, yenə ondan on beş yaş böyük görünürdü. Gözlərinin altının göyərtisi onun yuxusuz gecələr keçirməyinə şəhadət edirdi.
Əkbər, yoldaşının bu neçə ildə harada olduğunu sual elədi. Rüstəm papağı götürüb yerə qoydu və cibindən bir gümüş papiros qutusu çıxardıb Əkbərə təklif elədi və Əkbərin papiros çəkməməyini bilib, özü birini yandırıb bir-iki qullab alıb dedi:
– Qardaşım Əkbər! Bu neçə ildə başıma o qədər qəzavü-qədər gəlib ki, nə deməklə və nə yazmaqla qurtarmaz. Vallah, bilmirəm haradan sənə söyləyim – Parisdənmi, Berlindənmi, Vyanadanmı və yaxud bizim Peterburqdanmı?! Sən bilirsən ki, mən burada oxumaq istəməyib, atama dedim ki, gərək məni hökmən Parisə göndərəsən. Yazıq kişi də nə anlayır ki, dördüncü klasdan qaçmış heyvanı Parisin heç bir tövləsinə qoymazlar. Kişidən min manat pul vurub “ağanı Allah saxlasın”… birbaş Parisə, Paris nə Paris! Yer üzünün behişti desəm yenə xəta eləməmişəm! Nə küçələr, nə bazarlar, nə mehmanxanalar, nə teatrlar və kafeşantanlar!.. Görəsən bilmərrə əqlini itirib dəli olarsan. O xanımları ki mən Parisin kafe-şantanlarında görmüşəm, sən görəsən Məcnunə dönüb biyabanə düşərsən. Necə xanımlar: şəhbaz baxışlı, ahu gözlü, şirin hərəkətli, şəhd sözlü! Sən də deyirsən dünya görürəm? Ərik, kişmişin şirəsinə bulana-bulana gün keçirirsən, deyirsən ki, elə dünyanın zindəganı budur.
Bu yerdə Əkbər Rüstəmin sözünü kəsib dedi:
– Rüstəm, bağışla, sən dünya görmüş adamsan, amma mən avamam, bəs bir-iki dəfə kafeşantan sözü dedin, o nə deməkdir?
– Kafeşantan, yəni xurma çuvalı… xa-xa-xa!.. Kafeşantan, yəni behiştin bir guşəsi! O yerdir ki, orada həm ruhun ləzzət aparır, həm bədənin! O yerdir ki, orada cəmi dünyanın qeydi yadından çıxır, yəni gözəllər məclisi, yəqin Sədidə oxuyubsan: “Bə məcmən ki, dər ayənd şahidani dü aləm!”[2 - Bir məclis ki, hər iki dünyanın şahidləri oraya gəlirlər.] Kafeşantanda cəm olurlar Parisin gözəlləri. Həm sənin üçün teatr gətirirlər, həm oynuyurlar, həm oxuyurlar və xahiş etsən səninlə şam edib sübhədək sənə mehman olurlar. Xülasə, nə deyim, görməmisən bilməzsən. “Şənidən key büvəd manəndi didən”[3 - Eşitmək hara, görmək hara!].
Dəxi nə ərz eləyim, üç aydan sonra baxdım gördüm min manatdan ancaq iki yüz frank ki, eləsin bizim pul yetmiş beş manat, cibimdə pul qalıb. Atama tel vurub min manat da istədim və daldan da bir kağız yazdım ki, hər ay mənə üç yüz manat pul göndərməsən özümü öldürəcəyəm.
Atam min manatı göndərib, sonra da bir kağız yazmışdı ki, “bala, mənim gözümün ağı-qarası sənsən. Dövlətim hamısı sənə qalasıdır. Mən sənə ayda beş yüz manat da göndərim, ancaq sən oxu, adam ol və korluq çəkmə”. Binəva kişi belə fikir edirdi ki, bəli, mənim oğlum oxuyub böyük yaranal olub gələcək. Mən də ona baxıb fəxr edəcəyəm, dəxi demirdi ki, oğlu pulu ondan ötrü istəyir ki, onun vasitəsi ilə dünyadan kam alsın. Bir də sənə deyim ki, mənim atamdan axmaq kişi dünyada az tapılar. Belə güman edir ki, dünya ondan ötrü yaranıb ki, bazara gedib, evə gəlib çörək yeyib, namaz qılıb yatasan. Neyləyim, bircə gecə kafeşantanda əyləşə, onda görər ki, dünya nədən ötrüdür və insan nə üçün yaranıb. Yazıq kişi, əvam kişi!
İndi, Əkbər, bircə mənə de görüm, sən nəyə lazımsan oturubsan bu fındığın, şabalıdın içində, özünü də çəkibsən, elə bilirsən adamsan? Adam deyilsən, heç zad deyilsən! Amma mənim sənə yazığım gəlir, gərək sənə dünyanın ləzzətin göstərəm. Sən bir fikir elə gör, bu növ alış-veriş sənin özünə, dövlətinə yaraşarmı? Atan kişmiş, xurmaya uşaqlıqdan adət etmişdi, ona görə ayrı alış-verişə həvəsi yox idi. Amma keçmiş zaman bir ayrı, bu zaman bir ayrı! Sən mənim məsləhətimə bax: bu dükanı bağla, bir ayrı bəzzaziyə mağazası aç, get Moskvadan, Peterburqdan, Parisdən mal gətir. Həm alış-veriş elə, həm də dünyadan ləzzət apar. Əgər xahiş etsən, əvvəl səfərdə mən özüm də sənə yoldaş ola bilərəm. Sən belə güman etmə mən işrət mədənlərindən savayı heç bir yerə bələd deyiləm. And olsun sənin canına, elə alış-veriş elərəm ki, bir tacir bacarmıya.
Xülasə… Rüstəm öz sərgüzəştindən bu növ nəql edib Əkbərin halətini digərgun etdi. Axır ayağa qalxıb Əkbərdən üç günün müddətinə yüz manat qərz[4 - Borc] alıb yola düşdü.
Rüstəm getdi, Əkbər isə dükanda qərarı gəlməyib axşama bir-iki saat qalmış dükanı bağlayıb evə getdi. Anası sual etdi ki, “bala, nə üçün belə tez qayıtdın?”. Cavab verdi: “Ana, başım bərk ağrıyırdı, otura bilməyib gəldim yatağa”.
Bu, əvvəlinci yalan idi ki, Əkbər anasına dedi. Əkbərin anası qalxıb istəkli oğlu üçün rəxti-xab hazır elədi və onu yatırtdı və Kərbəlayı Qulaməli də başının üstündə oturub onun alnını ovmağa məşğul oldu.
O gecə sübhədək Əkbər yata bilmədi. Çünki onun xəyalatı gah Parisin “Bolon meşəsini” və kafeşantanlarını, gah Peterburqun Nevski prospektini, gah Berlinin “Cökə xiyabanını” gözünün qabağından keçirirdi.
Sübh Əkbər bir şiddətli baş ağrısı ilə oyandı və o günü naxoş olub dükana gedə bilmədi. O biri gün dəftəri qoltuğuna vurub gəldi dükana.
Günorta vaxtı Rüstəm gəlib soruşdu ki, qardaş, nə üçün dünən dükanda yox idin. Cavab verdi ki, başım ağrıyırdı, naxoş idim. Çünki səndən ayrılandan sonra gedib bədxab olub, sübhədək yata bilməmişəm. Rüstəm dedi ki, bu gecə də mən səni qoymayacağam yatasan; mən səni bir qəribə yerə aparacağam ki, indiyədək elə yer görməyibsən və məndən də soruşma ki, səni hara aparacağam. Gedərsən, görərsən. Get evə, faxir libasını gey, azandan bir saat keçmiş mən özüm sənin dalınca gələcəyəm.
Əkbər cavab verdi ki, bəlkə anam razı olmadı. Bu cavaba Rüstəm qarnından yapışıb, yarım saat gülüb dedi: “Ay yazıq uşaq, hələ sən ana ixtiyarından çıxmayıbsan? Rəhmətlik oğlu, sən böyük kişisən, ana nədir, səni qurd yeməyəcək, pişik yeməyəcək! Amma indi ki belədir, deyərsən:
“Rüstəm məni evlərinə qonaq çağırıb və deyibdir ki, gəlməsən inciyərəm” və söz də verərsən ki, tez qayıdarsan”.
Bir az da Rüstəm keçmiş günlərindən laf vurub getdi.
Axşam Əkbər evə gəlib anasından izn istədi və vədə də verdi ki, tez qayıtsın. İzn alıb təzə libas geyib Rüstəmə müntəzir oldu. Bir az vaxtdan sonra eşitdi ki, qapını dəqqilbab edirlər, bildi ki, Rüstəmdir. Çıxdı küçəyə, gördü Rüstəm bir faytonla qapıda durub. Rüstəm Əkbəri yanına alıb faytonçuya buyurdu: “Sür!” Faytonçu tiri-şəhab tək sürüb bir mehmanxananın qabağında dayandı. Əkbər sual elədi ki, Rüstəm, bu nə yerdir məni gətirdin? Mən indiyədək bir mehmanxanaya girməmişəm.
Rüstəm dedi:
– Heç danışma, sənin borcun itaətdir.
Faytonçunu yola salıb, Əkbərlə qol-qola verib pilləkəndən yuxarı çıxdı. Yuxarıda qulluqçu otağın qapısını açıb, özü iki əlini yanına qoyub, soldat misal durub onları içəri saldı. Əkbər otağa girəndə gördü ki, ortalıqda ağ süfrə ilə örtülmüş mizin ətrafında iki nəfər cavan rus oğlanları və iki rus xanımları əyləşib söhbət edirlər. Əkbər belə güman etdi ki, səhvən özgə otağa giriblər, çox xəcalət çəkdi, amma Rüstəm onun çiyninə vurub dedi:
– Qardaş, bu məclisi mən qabaqca burada hazırlayıb, sənin dalınca gəlmişəm. İrəli gəl, səni aşna eləyim.
Əkbərin qolundan tutub əyləşənlərə tərəf çəkdi və oğlanlar ayağa qalxıb onların qabaqlarına gəldilər. Rüstəm əvvəl Əkbəri onlarla tanış elədi və sonra xanımlara tərəf Əkbəri aparıb dedi:
– Xanımlar, təvəqqe edirəm bu balaca ana uşağı ilə tanış olasınız, hələ bunun dodağından ana südü qurumayıb, özü də çox yaxşı uşaqdır və anasından nəhayət dərəcədə qorxur.
Xanımlar təbəssümlə ona əl uzatdılar. Əkbər burnunun ucunadək qızarıb bir tövr öz familiyasını dedi. Dərhal çay və həlviyat mizin üstündə hazır oldu. Əkbər bir stəkan çay götürüb başladı içməyə, ancaq binəva özünü belə itirmişdi ki, bilmirdi çayı qulağınamı, ya burnunamı içsin. Amma Rüstəm, iki nəfər rus və xanımlarla otağı bir sərçəli samanlığa döndərmişdilər. Orada olan danışıqlar, şivələr, hərəkətlər hamısı Əkbər üçün bir təzə şey idi. İkinci dəfə çay gələndə, Əkbər stəkanı götürüb, çəkilib kənarda bir divan üstündə oturdu. Rüstəm isə xanımların birinə göz elədi və xanım gedib Əkbərin yanında əyləşib başladı onunla şivə ilə söhbət etməyə. Biçarə Əkbər xəcalətdən bir hala düşmüşdü ki, əgər bir hazır qəbr yerdə tapsa idi, əlbəttə, təvəqqe elərdi ki, onun orada dəfn etsinlər. Gah tərləyirdi, gah qızarırdı, gah saralırdı. Bilmirdi nə desin, nə cavab versin. Hər şeydən ağır Əkbərə yoldaşlarının xəlvət gülməyi gəlirdi.
Nökər daxil olub, mizin üstünü təmizləyib başladı onun dörd ətrafına rəngbərəng şamlar düzməyə. Əkbər təəccüblə buna baxanda xanım soruşdu ki, yəqin bəs bunlardan bir şey başa düşməyirsən, görünür, sən, həqiqətin balaca uşaqsan: qoy mən səni başa salım. Bu büsat şampanski büsatıdır.
Şamları yandırandan sonra nökər gedib bir neçə şüşə şampan şərabı gətirdi, şüşənin ağzı tapança kimi açılanda Əkbər səksəndi və buna da xanımlar artıq güldülər. Əkbərin yanında əyləşən xanım qalxıb iki piyalə şərab töküb birini özü alıb, birisini Əkbərə uzatdı, dedi:
– Təvəqqe edirəm bu piyaləni mənim sağlığıma içəsən!
Əkbər dayandı. Bilmədi nə eləsin. Məclis hamısı töküldü binəva Əkbərin üstünə ki, əgər bu şərabı içməsən, əvvəl öz avamlığını sübut edirsən və ikincisi bu xanımı özündən artıq incidirsən. Rüstəm, əlində piyalə, qalxıb üzün Əkbərə tutub dedi:
– Qardaş, xahi nəşəvi risva, həmrəngi cəmaət şov![5 - Biabır olmaq istəməyirsənsə, camaatla həmrəng ol.]. Heç danışıq yeri deyil və dayanmağın da mənası yoxdur, labüd gərək içəsən, “begir in cami-təlx əz dəsti-şirin”[6 - Bu acı piyaləni şirin əldən al.].
Əkbər bilmərrə özün itirib, bixub şərabı xanımın əlindən alıb başına çəkdi.
Məlumdur ki, hər bir günaha əvvəl qədəm qoymaq çətindir.
Əkbər şərabı içəndən sonra o biri xanım ayağa durub xahiş etdi ki, onun sağlığına da içsin. Binəva Əkbər labüd qalıb ikinci piyaləni həm boşaltdı. Sonra Rüstəm, əlində piyalə, ayağa qalxıb dedi:
– Camaat, bizim bu gecəmiz çox əziz gecələrdən oldu. Çünki bu gecə bir dünyadan bixəbər ana uşağını səvaba daxil etdik və mən bu məlum gecədə sizə söz verirəm ki, bir azdan sonra Əkbər kimi şürbi cəmi şəhərlərdə tapılmasın, ona görə təvəqqe edirəm ki, şeytan kargahının bu təzə fəhləsinin sağlığına içək. Əkbər qardaş, sağ ol!
Qonaqlar hamısı piyalələrini Əkbərin sağlığına boşaltdılar. Rüstəm Əkbəri başa saldı ki, gərək o yığıncağın sağlığına içsin. Çünki qayda belədir.
Əkbər naəlac qalıb yenə şərabı içdi. Üçüncü piyalədən sonra Əkbərin dili açılıb başladı bilafasilə danışmağa və piyalələri boşaltmağa.
Axır keflənib divanın üstə yuxulayıb yatdı. Bir vədə eşitdi ki, bağırırlar.
Oyanıb gördü ki, sübh açılıb, amma yoldaşlar içirlər. Rüstəm dedi:
– Əkbər, bu dəfə sənə kifayət elər. Belə-belə öyrənirsən! Ayaq bir-bir qoyarlar nərdivana.
Camaat ayağa qalxıb nökəri çağırıb buyurdular hesab gətirsin. Əkbər istədi pul versin, qoymadılar. Amma dedilər ki, gələn bu gün həmən bu mənzildə sənə qonaq ola bilərik. Əkbər çox şadlıqla onları qonaq çağırdı.
Əkbər çıxıb faytona minib yola düşdü və yolda fikir edirdi ki, anasına nə cavab versin. Evə gəlib gördü anası yatmayıb və gecə yarısı Kərbəlayı Qulaməli də iki dəfə Rüstəmin evinə gedib, hər dəfə deyiblər ki, Əkbər orada yoxdur.
Əkbər anasının sualına başladı növbənöv hədərən-pədərən cavab verməyə: gah dedi, Rüstəmgildə, gecə keçməyinə görə yatmışdım; onun üçün elə deyiblər. Gah dedi, xoş gecə olmağına görə Rüstəmlə şəhər kənarına səyahətə çıxmışdıq. Axır, elə gördü anası onun yalanının anlayıb dedi:
– Ay rəhmətliyin qızı, az çürüyünə çəksənə, nə çox çövürüb soruşursan! Nə vaxtadək məni uşaq kimi güdəcəksən!
Əkbərin anasına bu növ cavabı nə tövr təsir etdisə, binəva övrət o gün axşamadək ağladı və bir-iki dəfə Kərbəlayı Qulaməliyə dedi ki, kərbəlayı, deyəsən Hacı Xəlilin yurdunda bayquş uluyacaq! Amma kərbəlayı cavab verdi ki, uşaqdır, beyni qandır; mən ona nəsihət elərəm, inşallah, düzələr.
Əkbər anasının məğlubə olmağından əvvəl dilgir olub və sonra öz-özünə dedi ki: bu yaxşıdır, bundan sonra yoldaşlar mənim adımı “ana uşağı” qoyub tənə etməzlər.
Gələn həftə Əkbər Rüstəmə xəbər verdi ki, axşam məclisi tərtib eləsin və axşam anasından biizn evdən çıxıb mehmanxanaya, haman otağa gəlib gördü Rüstəm bir böyük övrət və kişi məclisi tərtib eləyib.
Əyləşdilər kefə. Amma Əkbər içən deyildi. Rüstəm yeyirdi, içirdi, söhbət edirdi və hamı da, ələlxüsus xanımlar ona afərin deyirdilər. Sübhədək kef edib Əkbər min manatdan artıq pul verib evə gəldi.
Evdə anası oğlunun nə yerdə olduğunu nə qədər soruşsa da, Əkbər cavab verməyib axır qəzəbnak: “Bir yol, sənin borcun deyil!” – deyib, gedib yatdı.
Binəva övrət xiffətindən naxoşluğa düşüb, bir neçə gün yatıb tanrı rəhmətinə getdi.
Bir-iki ay anasının vəfatından sonra Əkbər dükanı bağlayıb, evi kərbəlayı Qulaməliyə tapşırıb Rüstəmlə bir yerdə yola düşdü Moskva şəhərinə, bəzzaziyyə malı gətirib təzə mağaza qoymağa. Moskvadan yolları düşdü Peterburqa, oradan Berlinə, Berlindən Parisə. Bir ay sərasər Rüstəm Əkbəri Parisin işrətxanalarında gəzdirib öz gününə saldı və bu səyahət Əkbərə yüz min manatdan artığa durdu. Axır Parisdə bir gözəl (madam San Fua adlı) xanıma bənd olub, ildə iyirmi dörd min manata danışıb və qabaqca neçə min manatlıq libas və cavahirat alıb, özü ilə vətənə gətirib mehmanxanada mənzil verdi. Və başladı evin övzaını dəyişməyə. Otaqları Yevropa qaydasına salıb, baha qiymətlərə miz və sandallarla müzəyyən edib və madam San Fua üçün bir gözəl otaq hazırlayıb köçürtdü evinə və qoca Kərbəlayı Qulaməliyə yüz manat verib rədd etdi və əvəzinə bir aşpaz, bir lakey və madam üçün bir qız qulluqçusu baha qiymətə tutdu və sonra bir fayton, bir kareta və dörd rəs Orlovski at böyük məbləğə alıb madama peşkəş elədi.
Madam San Fua Əkbərin canına bir yaman zəli olub başladı müdam onun qanını sormağa. Bir gün Əkbər evə peşkəşsiz gələndə axşamadək madam onu dindirmirdi. Hər gecə Əkbərin evində qumar məclisi qurulub, otuz minlərlə pullar uduzulurdu və hər gecə də Rüstəm öz yoldaşları ilə Əkbərin evində qonaq idi. Əkbər ticarəti əldən buraxmışdı və işi ancaq eyş-işrət və qumar idi.
Bir gün Əkbər ayılıb gördü ki, atasından qalan evlərin ikisi də girov qoyulub və cibində də pul qalmayıb. Hacı Xəlildən qalan dövlətin hamısı Yevropa səyahətinə, içkiyə, qumara, madamın məvacibinə və peşkəşlərinə gedib.
Axır bir gün madam San Fua Əkbərə məlum etdi ki, daha onunla ola bilməyəcək, çünki budur iki aydır ona pul çatmır və peşkəş gəlmir.
Xülasə, Əkbər dövləti itirib, ona sahiblik etməyə qabil deyildir.
Əkbər nə qədər ağladı, yalvardı, kar görmədi. Madam öz şeylərini yığıb mehmanxanaya köçdü. Əkbər hirsdən və xiffətdən naxoş oldu.
Rüstəm bir-iki dəfə onun yanına gəlib sonra tərəddüdü kəsdi. Axır Əkbər ona yazıb təvəqqe etdi ki, bir yanına gəlsin. Cavab gəlmədi. Bir gün Əkbərə xəbər gətirdilər ki, Rüstəm madam San Fua ilə yaxınlaşıb və madamın xərci ilə, onunla mehmanxanada olur. Bu xəbər Əkbəri lap mütəğəyyir etdi.
Əkbər bir aydan ziyadə naxoş yatıb durdu ayağa. Bir gün küçə ilə gedərkən gördü bir gözəl faytonda Rüstəmlə madam San Fua çox mehriban əyləşib ona tərəf gəlirlər. Əkbər əl elədi, faytonu saxladılar.
Yaxına gəlib bir güllə madama, birini də Rüstəmə vurub hər ikisini öldürdü və oradan gedib özünü divana təslim etdi.
İki ildən sonra movqiflərin birinə varid olub gördüm qoca Kərbəlayı Qulaməli movqifin qabağında dalını divara söykəmiş əyləşib.
Soruşdum:
– Kərbəlayı, sən hara, bu yerlər hara?
Dedi:
– Qurbanım olum, əlacım nədir. Qırx il atasının çörəyini yemişəm, əgər onun yaman günündə gözdən qoysam, o çörək mənim gözlərimə durar.
Dedim:
– Kərbəlayı, başa düşə bilmirəm: yaman gün nədir, çörək nədir?
Bu sözün cavabının əvəzinə, bir ahi-sərd çəkib kənarda durmuş bir dəstə soldata əli ilə işarə etdi. Soldatlara tərəf gedib, gördüm ortalarında neçə nəfər dustaq, kimi ayağı zəncirli və kimi zəncirsiz, yerdə əyləşiblər və bir nəfər cavan oğlan baş və bığı ağarmış, bir çuvala başın söykəyib yatıb. Diqqətlə baxanda Əkbəri tanıdım, halətim dəyişdi. Üz döndərib Kərbəlayı Qulaməliyə tərəf qayıtdım. Kərbəlayı soruşdu:
– Gördün?
Dedim:
– Gördüm, Kərbəlayı, bunu haraya aparırlar?
Dedi:
– Kəsiblər İrqut quberniyasına getsin. Mənim də əlacım yoxdur, qarabaqara dalınca sürünürəm.
Dedim:
– Kərbəlayı, sən qoca adam bir belə yolu gedəmi bilərsən?
Dedi:
– Qurbanın olum, özüm də bilirəm ki, mən heç yana gedib çıxa bilməyəcəyəm, yolda bir yerdə ölüb qalanam, amma getməsəm qorxuram qiyamət günündə Hacı Xəlilin yanına üzüqara gələm.
Bir azdan sonra dəmiryol qatarı gəlib movqifin qabağında dayandı.
Dustaqları bir dəmir pəncərəli vaqona doldurdular və Kərbəlayı Qulaməli dal vaqona minib dedi:
– Qurbanın olum, salamat qal, Allah səni pənahında saxlasın.
Qatar yola düşdü və mən də məhbut onun, gözdən itənədək, dalınca baxdım və bu böhtün içində Sədi mərhumun bir fərdi yadıma düşdü:
“Ba bədan yar gəşt həmsəri-Lut
Xanəndani-nübüvvətəş güm şüd”[7 - Lutun arvadı pis adamlarla yoldaş oldu, peyğəmbərlik xanədanı itdi.]
AYIN ŞAHİDLİYİ
Ey gahi qədim kimi xəmidə,
Gahi pür olan misali-didə.
Füzuli
Yay fəsli təzə daxil olmuşdu. Şəhərin havasının qəlizliyindən, tozundan, zəhmətinin kəsrətindən bir qədər asudalaşmaq və yorulmuş bədəni köhnə halətinə gətirmək üçün kəndə rəvan oldum. Qəndablı kəndinin havası, ələlxüsus gecələri cümləyə məlumdur. Bu kəndin aydınlıq gecələri nə qələmlə və nə dillə vəsfə gələn deyil və məni kəndə çəkən ancaq onun gecələrinin səfası idi.
Gözəl gecələrin birində bir evin qabağında bir taxt qoyub bir tərəfində mən və bir tərəfində, imperator Birinci Nikolayın əsrində xidmət etmiş əmim əyləşib istirahətə məşğul idik. Həqiqət nəsimin əsməyi, çəyirtkələrin qanadlarının sızıltısı və yaxın arxın qurbağalarının nəğmələri hamısı bir-birinə qarışıb, ruha sükunət verən qərib bir ahəngitəbii əmələ gətirmişdilər. Düzlərdə əkilmiş taxıl nəsimin qabağında o yan-bu yana yatıb dərya tək mövclənirdi və dolu sünbüllər məzlum-məzlum başlarını aşağı salıb, qətlinə fərman verilmiş müqəssirlər tək cəlladları olan biçinçilərə müntəzir idilər. Tək-tək boş sünbüllər başlarını yuxarı qalxızıb qürurla sairlərinə baxırdılar. Amma səhv edirdilər; onlar da cəllad əlindən qurtara bilməyəcəkdilər. Ancaq dolu baş, boş başdan artıq kəsiləcəkdi. Taxılın qurtardığı yerdə xırda çayın şırıltısı bilavasitə qulağa gəlirdi və çayın kənarında cərgə ilə boy atmış ərərləri guya sünbüllər üstündə qarovul qoymuşdular.
Kənd yatmışdı. Nə xoruzlardan, nə itlərdən və nə sair heyvandan bir səs çıxmırdı. Qəflətən kəndin ayağında bir xoruz banladı. O saat fikrimə gəldi ki, yəqin sabah bu xoruzun bivaxt banlamağına görə başı cəllad əlində gedəcək: əlbəttə, bir yerdə ki camaat hamısı yuxuya məşğuldur, küy qalxızıb səs salanın başı gərək kəsilsin!
Bədirlənmiş ay qalxıb göyün bir qatında durub bu övzaya tamaşa edirdi.
Qoca əmim birdən dizi üstə qalxıb, papağını gözlərinin üstünə endirdi.
O saat bildim ki, keçmiş günləri yadına düşüb, bir qəribə hekayət söyləyəcək. Əmim əvvəl bir dərin ah çəkib dedi:
– Dünyanın xilqətindən indiyədək bu gördüyümüz ay yerin ətrafına dolanır, neçə davalar, neçə min hadisələrə şahid olub, neçə min böyük şəxslər əsrini görüb; nə olardı bunun dili olmasaydı! Axı, nə gözəl söhbətlər edərdi! Şəhadət dedim, bir keyfiyyət yadıma düşdü, qulaq ver nağıl edim:
Qırx il ya daha artıq bundan əqdəm mənim xidmət edən vaxtımda bir belə gözəl gecədə Səlman adlı bir şəxs bir qədər çit mal öz atına yüklüyüb bu kənddən o biri kəndə ticarət üçün gedərkən yolu bir dərədən düşdü. Dərənin ortasında bir müsəlləh şəxs Səlmanın qabağını kəsib buyurdu atdan düşsün. Binəva Səlman ayaqları titrəyə-titrəyə atdan aşağı endi. Quldur onun atını yükü ilə əlindən alıb dedi: indi özün də vaxtına hazır ol, çünki axır nəfəsin gərək burada çata. Mən səni buradan salamat buraxmayacağam. Çünki kənd yaxındır, gedib xəbər edərsən, mənim dalımca gəlib məni tutarlar.
Səlmanın bədəninə lərzə düşdü, dedi: “Ey şəxs! Hər kimsən mən səni tanımıram, amma görürəm müsəlmansan, müsəlmanda nə qədər olsa bir mərdanə sifət olar. Mən əlsiz-ayaqsız çərçinin taqsırı nədir ki, öldürmək istəyirsən? Olan malımı əlimdən aldın, məgər mənim canımdan da sən bir fayda götürəcəksən? Səni and verirəm bizi yaradan bir Allaha, sən gəl mənim canıma qəsd etmə, mən yazıq kişiyəm. Yeddi nəfər balaca uşaqların atasıyam, altı aydır arvadım ölüb, mən o uşaqlara həm atalıq, həm analıq edirəm, əgər mən də ölsəm, bil ki, uşaqlar hamısı acından qırılasıdırlar. Sən gəl Allah xatirəsi üçün mənim balaca yetimlərimi atasız qoyma. Rəhm, insan ürəyində gözəl sifətdir: sənin mənim balalarıma rəhmin gəlsə, xudavəndi-aləm də səni yaddan çıxartmaz və mən də and içirəm ki, bu malın hamısını sənə halal edim və heç bir yerdə də danışmayım”.
Quldura Səlmanın sözləri əsər etmədi. Dedi: “Kişi, nahaq yerə yetim-filan ortaya gətirmə, mənim sözüm sözdür, vaxtına hazır ol!”
Səlman dedi: “Belə olan surətdə izn ver iki rükət namaz qılım, ondan sonra səni tapşırım öz insafına”. Quldur cavab verdi ki, namaza mane deyiləm, ancaq tez qurtar, gedəcəyəm.
Səlman iki rükət namaz qılıb sonra əllərini qaziyəlhacat dərgahına qalxızıb dedi: “Xudaya, mənim bu nahaq qanımı yerdə qoyma, pərvərdigara, mənim bir kəsim yoxdur, sən özün mənim yetim balalarıma pərəstar ol!” Sonra gözünü Aya döndərib dedi: “Ey dünyanı illərlə seyr edən Ay! Şahid ol ki, sənin gözünün qabağında bir fəqir əlsiz-ayaqsız sövdəgəri nahaq yerə öldürdülər. Güzarın bizim evə düşsə, öz işığını salginən mənim yetimlərimin üstünə və deyinən ki, yazıq balalar, atanız uzaq səfərə gedib, ona müntəzir olmayın. Gedin küçələrdə, qapılarda özünüzə gün ruzusu qazanın! Ey dağlar, daşlar, göllər, axan sular, əsən yellər, burada sizdən savayı bir kəs yoxdur, siz də şahid olun ki, bu yerdə dünya malından ötrü bir şəxsi öldürüb, onun yeddi balasını yetim qoydular”.
Sonra kəlmeyi-şəhadətini deyib üzün quldura tutub dedi: “Qardaş, imdi ixtiyar sahibisən, əgər məni öldürmək fikrindən daşınmayıbsan ki, bismillah, sözüm yoxdur, amma bil ki, mənim qanımı allah yerdə qoymayacaq”.
Quldur heç bir söz deməyib, tüfəngini düzəldib Səlman kişinin ürəyindən bir güllə vurub onu qətlə yetirdi və sonra onun atını, çitini, libasını götürüb yola düşdü.
Sübh kənd əhalisi Səlmanın meyitini tapıb, bir ata yükləyib dəfn üçün kəndə apardılar. Səlmanın balaca yetimlərinin, ələlxüsus on yaşında bir qızının nalə və şivənini heç bir qələm yazmağa qadir deyil. Hər bir oxucu özü yeddi nəfər yetim qalmış xırda balaların halətini təsəvvürünə gətirə bilər.
Səlmanın ölümündən beş-altı ay keçmiş, onun cavan qardaşı Süleyman bir qan üstündə müttəhim olub dustaqxanaya salındı. Bu oğlan bisahib və qan tərəfi zorlu olmağına görə göstərilən şahidlər gedib divanda yalandan and içib qanı cavan Süleymanın boynunda qoydular.
Bu binəvayə neçə il katorqa kəsildi.
Bir neçə vaxtdan sonra Süleyman mümkün tapıb dustaqxanadan qaçıb, quldurlar dəstəsinə qoşuldu və bu dəstənin də başçısı haman onun qardaşı Səlmanın qatili quldur idi. Süleyman öz qardaşının qatili ilə neçə müddət yoldaşlıq etdi.
İttifaqən bir gecə bu iki yoldaşın yolu haman Səlman ölən dərədən düşdü. Dərənin içində quldur çox ucadan güldü. Süleyman onun belə gülməyinin səbəbini soruşdu. Quldur cavab verdi ki, vallah, gülməyimə bir elə artıq səbəb yoxdur, ancaq bir keçmiş əhvalat yadıma düşdü, ona görə güldüm. Süleyman təkidlə soruşandan sonra quldur cavab verdi ki, neçə il bundan əqdəm burada bir çərçi öldürdüm və o çərçi ölən vaxt Ayı, ulduzu, daşı, torpağı özünə şahid qayırdı. İmdi yadıma düşüb, o çərçinin axmaqlığına gülürəm.
Süleyman bu sözü eşidən kimi təəccüblə barmağını dişləyib dedi:
“Bəli, dünyada belə qəribə işlər çox ittifaq düşər”. Yoldaşlar dərədən çıxdılar düzə. Bir az keçəndən sonra Süleyman atının irəşini düzəltmək bəhanəsi ilə düşüb geridə qaldı və quldur getdi qabağa. Süleyman quldura bir az ara verib, tüfəngi düzəldib onu kürəyinin ortasından vurub, öz qardaşının qanını aldı…
Əmim nağılını qurtarıb dedi: “Bala, Allah heç nahaq qanı yerdə qoymaz və Ay, ulduz, daşlar, ağaclar Allahın hökmü ilə bu növ şəhadət edə bilərlər”.
Qocanın nağılı tamam oldu, amma onun əvvəl sualı heç mənin başımdan çıxmadı. Öz ürəyimdə bir ucdan bu sualı verirdim: “Nə üçün bu göydəki Ay danışmır? Nə üçün onun dili yoxdur? Ah… Nə olaydı bu Ay mənimlə bir az söhbət edə idi!” Bu xəyalla məni yuxu tutub yatdım.
Gecə röyada gördüm: Ay yerindən hərəkət edib mənə tərəf enir, dedim: “Məramıma çatdım, yəqin mənimlə söhbət edəcəkdir”. Həqiqət, Ay gəlib bərabərimdə durub dedi: “Doğrudur, mən dünyanın xilqətindən yerin ətrafına dolanıram. Mən Həzrət Adəmin Həvva ilə bərabər behiştdən ixrac olunmaqlarını görmüşəm, mən Həzrət Musanın Turda minacatlarını eşitmişəm, mən Həzrət Yusifin quyu dibində üstünə işıq salmışam və Həzrət Yəqubun gecələr naləsini və “oğul vay” sədasını eşitmişəm. Mənim şəfəqim Misir fironlarının, Roma qeysərlərinin, Kəyaniyan və Sasaniyan şahən-şahlarının, Bəni-Ümməyyə, Bəni-Əbbasiyyə xüləfasının qəsrlərinə, turan və türk xalqlarının qəsrlərinə düşübdür. Mən islamın tərəqqi və tənəzzülünün şahidi olmuşam.
Mən o gecənin şahidiyəm ki, peyğəmbər axirəzzaman bir neçə nəfər əshabi ilə Məkkənin kənarında bir dağın başında durub deyirdi:
“Mənim yoldaşlarım, mənim əzizlərim, Məkkə əhli bizə dünyanı təng edib, bunlar bizi öldürüb, dini-mübini yox edəcək. Məsləhət budur ki, burada bölünüb iki dəstə olaq, yarımız Həbəşə tərəf, yarımız Yəsribə tərəf getsin. Əgər dəstənin biri tələf olsa, bəlkə o birisi salamat gedib, bir yana çıxıb dini-islami nəşr edə. Və mən o gecənin şahidiyəm ki, meydani-Kərbəlada peyğəmbər övladı, sübhədək ənvari-qüdsiyyə içində, din yolunda şəhadətə hazırlanırdılar… İslamın yolunda mən neçə davalar, neçə cahadlar görmüşəm, odur ki, müsəlmanlar məni özlərinə bir əlaməti-məxsusə ittixaz etmişlər. Amma indi bu millətin əhvalına nəzər etdikcə deyirəm ki, lal olub danışmamaq məsləhətdir. Mənim üzümdə siz bir qara görüb onu ləkə hesab edirsiniz. Xeyr, o, qara ləkə deyil, bəlkə mənim ahımın tüstüsüdür ki, əqvami-islamiyyənin hər cəhətdən cəmi millətdən geri qalmağını görüb ciyərimdən çıxardıram!..”
Bu halda xoruzlar banlayıb məni yuxudan oyatdılar. Baxdım gördüm sübhə az qalıb və Ay da məğrib tərəfə yaxınlaşıb, batmağa hazırlaşır.
Yuxudan ayılmağıma artıq heyf edib dedim: nə olardı bir həftə yuxu yatıb Ayla söhbət edib eşitdiyimi camaata bəyan edəydim.
Ax, nə gözəl olardı, bu Ay danışsaydı!..
MOZALANBƏYİN SƏYAHƏTNAMƏSİ
Bizim möhtərəm mühərririmiz Mozalan[8 - Mozalan – Heyvanları sancan və qan soran iri milçəkdir. Burada məcazi mənada işlədilmişdir.] bir neçə vaxt bundan əqdəm Qafqaz səyahətinin fikrinə düşmüşdü, istəyirdi ki, Qafqazın bir para mərkəzlərini səyahət edib gördüyündən və eşitdiyindən yazıb “Səyahətnameyi-İbrahimbəy”[9 - “Səyahətnameyi-İbrahimbəy” – Marağalı Zeynalabdin Məşədi Əli oğlunun (1837-1910) əsəridir. Üç cilddən ibarət olan həmin əsər İstanbulda, Qahirədə, Kəlkətədə və Tiflisdə (“Qeyrət” mətbəəsində) çap olunmuş və Yaxın Şərqdə geniş şöhrət qazanmışdır. Əsərin bir hissəsi inqilabdan əvvəl Azərbaycan dilinə tərcümə edilmişdir. Səyahətnamədə İran dövlət quruluşundakı yaramazlıqlar, törənən cinayətlər və özbaşınalıq qüvvətli vətənpərvərlik duyğusu ilə kəskin tənqid atəşinə tutulmuşdur.] kimi bir kitab düzəldib millət üçün yadigar qoysun. Mozalanın bu xəyalını biz də çox bəyəndik, çünki həqiqətdə Qafqaz müsəlmanları öz vətənlərinə bələd deyillər və onlar üçün Mozalantək bir mücahid böyük qənimətdir. Gedib hər bir yeri səyahət edər, məsələn, Gəncənin hamamlarından, Şəkinin pirlərindən, əfəndilərindən, qiraətxanasından, Bakının qoçularından, müsəlman teatrını təkfir edənlərdən, Qarabağın dağılan qəmisələrindən (komissiya), bəylərin danoslarından, hacıların əhli-iman olmaqlarından, axundların camaatın doğru sözünə cavab tapmayıb qaçıb kəndlərdə, hücrələrdə guşənişin olmaqlarından, Naxçıvanın camaat belini inək beli hesab edib dağıdan sağsağanından, İrəvanın xanlarının millətpərəstliyindən, Şamaxının, Kürdəmirin, Göyçayın, Ağdamın… nələrindən yazar, özü bilər, xülasə, fəxrimizə layiq adətlərimizdən, axır çərşənbədə odlara düşüb özlərini millətə qurban edənlərimizdən, çe şömarəm be to mən nam be nam[10 - Mən sənə adbaad nə sayım?], bunların hamısın, yazıb bir yadigar qoyar, biz də oxuyub özümüzü başıuca hesab edərik.
Mozalanın yol xərcliyi idarədən düzəldi, ancaq ona bir bəylik kağızı lazım oldu ki, şəhərləri gəzəndə camaat ona ehtiram göstərsin, bəy olmayanda ki, nə hörməti?
Hərçənd bu məsələ çətin bir məsələdir, axırda Mozalanın yadına düşdü ki, Qarabağda bir nəfər şəxs var ki, keçmişdə bəy komissiyasında katib olub və cəmi bəy yazılanların siyahısını saxlayıb və indiyədək Qarabağda nə qədər keçəl-küçəl, dana otaran, quş ovladan var, hamısını bəy edib.
Lazım gəldi həmin şəxsə pul göndərib ondan çarə istəmək. Biz də bu məsləhəti bəyənib kağızı yazdıq və zəhmət haqqını göndərdik. Bəy dəftərə baxıb orada Mozalanbəyin babası Qozqıranbəyin adını yalandan tapıb sübut etdi ki, həqiqətdə Mozalan elə bəydir ki, bəydir və Tiflisə də bir ərizə yazıb göndərdi ki, Mozalana bəylik şəhadətnaməsi versinlər. Mozalanbəy şəhadətnaməni alan kimi bu həftə yola düşəcək və səyahətnamənin əvvəlinci məktubu on ikinci nömrəmiz çıxanadək Gəncədən gələcək və həmin nömrədə çap olunacaq.
(İdarədən)
Mart ayının 14-də Gəncəyə getmək niyyəti ilə gecə saat on birdə faytona minib gəldim Tiflis vağzalına. Hava soyuq idi və yağış yağırdı. Faytondan enib şeyləri verdim “nasilşikə” və daxil oldum əvvəlinci klasın zalına. Gözəl-gözəl xanımlar əfsərlərlə qol-qola verib gəzirdilər və söhbət edirdilər. Qeyriləri, kimi oturub çay içib çörək yeyirdi, kimi şeylərinin yanında əyləşib maşını gözləyirdi. Zalın küncündə bir neçə müsəlman gözümə sataşdı: bunlar əmmamələrini dəsmala büküb qoymuşdular başlarına ki, çirklənməsin və tozlanmasın. Şeylərini zalın küncünə yığıb və özləri də şeylərin üstündə oturub, mat-mat baxırdılar camaata. Bunların bir məni müsəlman görüb ucadan çağırdı:
– Ay müsəlman qardaş, sən Allah, bir gəl bizim yanımıza.
Mən yavuğa gedib salam verdim. Məni çağıran əlli, ya əlli beş yaşında bir qoca kişi idi. Qalan üç nəfər molla da bu sinnə yavuq idilər.
Məni çağıran, əlində papiros, məndən soruşdu:
– Bakıya maşın nə vaxt yola düşür?
Mən cavab verdim:
– Gərək indilərdə gedə.
Bu hində bir zəng səsi gəldi və adamlar başladılar qaçışmağa. Məlum oldu ki, bilet almaq vaxtıdır. Camaat hücum çəkdi kassanın qabağına. Mollalar da Bakıya getmək istəyirdilər və xahiş elədilər ki, barı Gəncəyə kimi bir yerdə oturub yoldaş olaq. Mən xoşhallıqla razı oldum. Bunların biri yoldaşlarının tərəfindən və mən özüm üçün yavuqlaşdıq kassaya tərəf ki, bilet alaq. Hələ növbət bizə çatmamışdı. Mənim əmmaməli yoldaşım birdən ucadan müsəlmanca səsləndi:
– Allah xatiri üçün bizi məəttəl eləməyin, yoxsa maşın çıxıb gedər.
Mən buna yavaşca dedim:
– Ağa, səbr eylə, hələ vaxta var və bizə növbə yetişməmiş bilet verməzlər.
Jandarma molladan narazı olub, gəlib yapışdı çiynindən və ədəblə rusca bir söz dedi. Mən elə qandım ki, deyir çığırma. Növbət az qalmışdı çatsın bizə. Qabaqda ancaq bir qoca rus arvadı pullarını sayırdı ki, versin biletinə. Gördüm ki, rəfiqim molla, rus arvadının şlyapasının üstündən iki dənə qırmızı onluğu kassaya uzadıb səbirsizliklə deyir:
– Tez ol, Bakıya dörd bilet ver.
Kassadan bir cavab olmadı. Axır rus övrəti də rədd oldu. Kassada bilet satan 35-40 yaşında bir rus arvadı mollaya dedi:
– Dvadsat rubley çetır bilet Baku nelzya.
Elə qandım ki, deyir “Bakıya 20 manata dörd bilet olmaz, gərək 28 manat verəsən”. Molla istədi acıqlansın, bilet satan mollanı qoyub, əlini uzatdı mənə. Bir beşlik verib biletimi və pulun qalanını aldım və istədim mollanın əhvalını yoxlayam, amma bir tərəfdən jandarmanın bizləməyi və bir tərəfdən də dalda duran camaatın basmağı bizi vadar elədi ki, adamların içindən çıxaq.
Genə zəng çalındı və genə qaçışma düşdü və bu qışqırıqda mollaları, doğrusu, itirdim və şeylərimi nasilşikə verib çox zəhmətlə dəmir yol qatarının ikiminci klaslarının birində özümə bir yer tapdım.
Bir balaca daxmaya doqquz, bəlkə də on adam dolmuşdu. Nasilşik şeylərimi bir küncə qoyub məndən yarım manat alıb getdi, amma oturmağa mənə yer olmadı. Vaqonun dalanından bir az ayaq üstə durub, axırda adamlar yatıb səslərini kəsəndən sonra bir qoca rusun ayaqlarının bir tərəfinə yanımı qoyub oturdum.
Bizim daxmamızda danışan yox idi. Amma dalanda iki kişi rusca danışırdılar. Mən belə qandım ki, bunlar palitkadan danışırlar. Çünki hərdənbir sözlərinin arasında “fransuz”, “Anqliya” ləfzlərini eşidirdim. Hələ deyəsən “tatar” sözü də qulağıma dəydi, amma heyif ki, qana bilmirdim.
Dalandan bir adam keçirdi, mən buna diqqət eləmədim, amma mənim yanımdan keçəndə guya öz-özünə dedi ki, “burada da yer yoxdur”. Bunun yoldaşı da var imiş. Çox yuxum gəlirdi və bir az başladım mürgüləməyə. Birdən daxmamız işıqlandı və “bilet” sözü eşitdim. Biletləri qayçılayıb keçdilər və mən genə başladım mürgüləməyə. Maşın dayandı və yenə uzaqdan üşkürükləyib yola düşdü. Vaqonumuzun o başında bir əmcək uşağı hərdənbir ağlayırdı. Rusca danışanlar dəxi dinməyirdilər. Amma iki nəfər müsəlmanın söhbəti bir tövr qulağıma çatırdı. Bəlkə bunlar heç xəyal eyləmə-yirdilər ki, burada müsəlman olar.
Bunların belə danışığı hərdənbir qulağıma çatırdı: “Meyitini görüm”, “sən öləsən”, “amma köpək qızı maldır ha”.
İstəyirdim yenə mürgüləyəm, bir kişi, əlində fanar, gəldi otağı dolana-dolana xəbər verdi: “Yelzavetpol, bilet”. Biletləri yığıb apardı və bir az keçəndən sonra maşın fısıldayıb dayandı. Bura Gəncə imiş.
Şeylərimi nasilşikə verib özüm də onun dalınca daxil oldum əvvəlimci klasın zalına. Zalda çox adam var idi: övrət, uşaq, kişi, çinovnik. Biri öz şeylərinin üstündə əyləşib mürgüləyirdi, biri çay içirdi, biri uşaq yatırdırdı. İki çinovnik kənarda əyləşib qabaqlarında bir şüşə pivə xəlvət söhbət edirdilər, amma heç kəsdə mən Tiflisdə gördüyüm iztirabı görməyirdim, heç kəsin kassa ilə, biletlə işi yox idi. Təəccüb elədim, dedim məgər bir belə camaat hamısı Tiflisə gedir? Necə ola bilər ki, heç bir-iki nəfər də Bakıya gedən olmasın? Ətrafa göz gəzdirdim ki, görüm bir nəfər müsəlman tapa bilərəmmi ki, ondan camaatın burada belə xatircəm oturmağını biləm. Gördüm bir nəfər qəzet şkafının yanında durub əlində bir qəzet vərəqləyir və qəzetdə çılpaq-çılpaq övrətlər şəkli çəkilib! Qəzetəni vərəqləyincə “pəh-pəh” “afərin, nə lətifdir” sözlərini deyir və ağzının iki yanından su axır. Yaxınlaşıb soruşdum:
– Qardaş oğlu, bu camaat buraya nə üçün yığışıb, Tiflisə gedəcəklər, ya Bakıya?
Dedi:
– Gəncəyə gedəcəklər.
Dedim:
– Bəs bura haradır?
Cavab verdi:
– Görünür sən xamsan, vağzalla şəhərin arası üç verstdir. İndi də ki, saat dörddür, hələ işıqlanmayıb, ona görə camaat gözləyir ki, gün çıxsın, sonra faytona minib şəhərə getsin; yoxsa kim bilir dünyanın işini, adam buradan şəhərə gedincə başına iki min oyun gələ bilər.
Dedim:
– Bəs onda siz yəqin mənə də məsləhət görməyəcəksiniz ki, gün çıxanadək şəhərə gedim.
Dedi:
– Heç məsləhət deyil, əyləş, özünə bir-iki saatlığa bir məşğuliyyət tap. Ya çay istə, ya qəhvə istə, ya belə-belə qəzetlərdən al vərəqlə.
Dedim:
– Axı rusca savadım yoxdur.
Dedi:
– Neyləyirsən savadı, məgər mənim savadım var? Budur bu qəzetəyə məndən iki şahı pul alıblar, üstünün böyük yazılarını güclə, hıqqına-hıqqına bir tövr oxuyuram, onun da mənasını anlamaram, burada yazılıb “şutyonok”, indi Allah bilsin nə sözdür, ancaq kimdir qəzetin adına baxan, dadına bax. Gör necə bədənlər çəkiblər, indi başına daş düşmüş müsəlman belə surətləri görüb dinindən dönəndə deyirlər: “dəli olub”. Mən ölüm, rəfiq, bir bu buxağa bax, gör heç ömründə belə şey görübsən?
Gördüm rəfiqim buxaq məsələsində çox uzun müşərrəf eləyəcək, onun sözünü kəsib sual etdim:
– Gəncədə düşmək üçün yaxşı mehmanxanalar varmı?
Dedi:
– Çox gözəl müsəlman “qəsdin”ləri var: “İstanbul”, “Tehran”, “Parij” yaxşı əla nömrələr, əla xörəklər, çox rahat olarsınız.
Mehmanxanaların adını bilib, çəkilib kənarda bir stəkan çay istəyib əyləşdim. Təzə aşnam da aldığı qəzetəni qatlayıb qoltuq cibinə qoyub, gedib bir kürsü üstündə əyləşdi. Bir azdan sonra rəfiq başladı xoruldamağa. Bunun belə xorultusundan yəqin etdim ki, qoynundakı çılpaq xanımlar hamısı onun vaqiəsinə giriblər.
Xülasə, sübh açıldı, nasilşiki oyadıb dedim:
– Şeyləri götür, apar faytona.
Genə nasilşik şeyləri götürüb qabağa düşdü. Mən də onun dalınca.
İçdiyim çayın pulunu verib, çıxdım çölə və mənimlə də bərabər bir neçə nəfər çıxdı. Vağzalın qapısında çoxlu fayton dayanıb minik gözləyirdilər.
Faytonçuların bir hissəsi müsəlman idi, bir hissəsi erməni. Ermənilər müsəlman faytonuna əyləşmirdilər, müsəlmanlar da erməni faytonlarına, mənim də nasilşikim “fayton” – deyib qışqıranda bir erməni faytonu yerindən tərpənmədi. Bir qoca qırmızısaqqal müsəlman faytonu sürüb, gəlib mənim qabağımda durdu. Nasilşik şeyləri faytona qoyub altı şahı məndən zəhmət haqqı alıb “spasibo”, yəni “çox razıyam”, ya “çox sağ ol” – deyib papağını başından çıxarıb, yenə təzədən başına qoyub getdi. Mən də əyləşdim faytona. Qoca kişi atların cilovunu üç dəfə bərk dartıb sonra qamçı ilə iki dəfə atlara, bir dəfə də mənim başıma vurub yola düşdü.
Xülasə, faytonçu yarım saat məni səhra ilə gətirdi. Yolun bir tərəfində müsəlmanlar səbziyyat əkirdilər. O biri tərəfində üzüm ağaclarına qarğı düzürdülər. Yolun qırağı ilə xırdaca arx axırdı və arxın qırağında da bir nəfər qoca kişi çömbəlib saqqalının xınasını yuyurdu. Hərdənbir ovcu ilə suyu götürüb üzünə vururdu və çox əziyyətlə saqqalından xırda-xırda kağız parçalarını qoparırdı.
Yavaş-yavaş gəlib bir böyük meydana yetişdik. Meydanın ortası dolu idi eşşəkçi ilə, qatırçı ilə, arabaçı ilə. Kimi odun satır, kimi qalır satır, kimi saman satır, kimi süd satır, kimi kömür satır. Meydanın üç tərəfi dükanlardı və bu dükanlarda əyləşənlərin yüzdən həştadı başmaqçı, lapçınçı, papaqçı, lavaşçı, səngəkçi[11 - Səngə – səngək çörək çeşidi, səngəkçi – səngək bişirib satan.], kömür satandır. Yerdə qalan baqqal, əttar və parçaçıdır.
Dükanların qabağında Şah Abbas vaxtından qalma böyükböyük çinarlar var, hər çinarın üstündə iki yüz qarğa yuvası var, qarğa qırıltısından qulaq tutulur. O saat öz ürəyimdə dedim ki, bu ağacların altından ötən gərək başına çadır tutsun və ya bir çuval geysin, yoxsa gərək paltarından əl çəkə. Meydandan ötən vaxt gördüm çox adam bir yerə cəm olub, ortalıqda iki müsəlman bir-biri ilə bərk vuruşur, camaat nə qədər eyləyir bunları araşdıra bilməyir. Faytonçuya dedim:
– Dayanma, tez ol sür.
Faytonçu soruşdu:
– Bəs haraya düşəcəksən?
Dedim:
– Sür müsəlman qəsdinlərinin birinə.
Beş dəqiqədən sonra faytonçu Zərrabi küçəsinə[12 - Zərrab – metal pula sikkə vuran. Görünür, bu küçədə zərrablar varmış.] çönüb bir qədər gedəndən sonra bir evin qabağında faytonu saxladı. Bura “Tehran” nömrələri idi.
Gəncədə əvvəl getdim məscidə və gördüm ki, mövluddur[13 - Məhəmməd peyğəmbərin təvəllüd günü.]. Bir yerdə xeyli məktəb uşaqları və camaat yığılıblar mövlud oxuyurlar.
Bəzi cavanlar da istəyirlər ki, nitqlər oxusunlar. Bir molla qoymayır, deyir ki, bəsdir, vaxt yoxdur, xörək vaxtı keçir.
Bir küncdə də bir neçə molla yığılıblar, molla Yusif gətirdiyi fitvaları oxuyub şadlıqlarından ləzgihəngi oynayırlar. Fitvada yazılmışdır ki: “Şəriət elmi az və qeyri elmlər çox oxuyan məktəblər haramdır, xilafi-şərdir. Halvanın və xeyrət plovlarının səvabı və lazım olmağını dananlar kafir və mürtəddirlər…”
Oradan çıxdım meydana. Gördüm bir hambal car çağırır ki, üç gündür Hacı Seyid Ağanın qızıl quşu qaçıbdır, ağa gündüzlər də ağlayır, gecələr də. Hər kəs tapsa, cənab Ağa cənnətin altımıncı qapısının açarını ona bağışlayacaqdır.
Oradan da gəzə-gəzə getdim əllafxanaya. Gördüm ki, əllaflar hamısı yığılıb bir qaraçı arvadın başına, taleylərinə növbətlə baxdırırlar.
Daha axşam yaxınlaşırdı. Başladım kluba getməyə. Yolum düşdü bir əllaf dükanının qabağından. Gördüm dükanın dalında bir yaxşıca uşaq oturubdur.
Dedim:
– Ağa, bu kimdir?
Dedi:
– Elə belə, sənin nə işin var, balam?!
Qərəz, getdim kluba. Gördüm bir neçə əməlli adamlar, əllərində birinci cərgə bilet, qapının ağzında boyunları çiynində durublar.
Dedim:
– Niyə gedib oturmursunuz?
Dedilər:
– Məktəb uşaqları ilə on dörd şahılıq bilet sahibləri yerimizi tutublar, “dur” deyəndə xəncərə, tapançaya baxırlar.
Qərəz, oturdum. “Nadir şah” oyunu başlandı. Nadir oğlunun gözünü çıxardanda, iki düşməni barışdıranda camaat o qədər güldü ki, hətta biri özündən getdi… hə, hə!.. Bir də gördüm ki, bufetdən bir “Bayatı kürd” səsi gəlir. Getdim ki, sakit eləyəm, çünki oyuna çox əziyyət eyləyirdi.
Gördüm qarabağlıdır, bərk keflənib, özü kimi bir dəstə keflənmiş müsəlman qardaşlardan başına yığıb, özü üçün xanəndəlik eyləyir.
Dedim:
– Qardaş, bəsdir. Oyuna, camaata çox əziyyət olur.
Dedi:
– Bircə de görüm altıaçılanı tanıyırsanmı?
Bir də gördüm vaxt keçir, getdim yatmağa. Mənzilə qayıdantək mehmanxana nökəri daxil olub paşpurt istədi. O saat təzə aldığım həmişəlik bəy paşpurtunu cibimdən çıxardıb verdim. Keçmişdə ildə bir dəfə rəiyyət paşpurtu alardım və orada da yazılardı:
“Mozalan Mirzə Xanqulu oğlu”. Amma təzə paşpurtda yazılmışdı: “Mozalanbəy Xanqulubəyoviç Qozqıranbəyov”. Xülasə, çox təşəxxüslə bəy paşpurtunu verdim mehmanxana nökərinə, apardı. Bir az keçdi, gördüm qapını döyürlər, soruşdum:
– Kimsən?
Gördüm deyirlər:
– İçəri girməyə izin var?
Dedim:
– Hər kəssən, buyur.
Qapı açıldı. Bir balaca, gödək adam, başında Gəncə papağı, daxil oldu:
– Salaməleyküm.
– Əleykəssalam!
Sonra balaca şəxs başladı məndən üzr istəməyə:
– Bəy, bağışla, nökərlər səni tanımayıblar, sənə kəmetinalıq ediblər. Eşitmişəm nökər xurcuna yapışıb deyibdir ki, çamadanı da özün götür, sən də hirslənmisən.
Soruşdum:
– Bəs sən kimsən?
Dedi:
– Mənim adım qarabağlı balasıdır. Gəncədə hər kəsdən sual etsən ki, Bala Seyid kimdi, o saat məni nişan verər. Qarabağda, Bakıda, İrəvanda, hər yerdə mənim adım məlumdur və gələnlər birbaş mənim nömrələrimə düşürlər.
Dedim:
– Çox əcəb, seyid də mehmanxana saxlarmı?
Gördüm seyid pozuldu. Dedi:
– Bəy, mehmanxana saxlamaq məgər ki, xilafi-şərdir. Allaha şükür, şərab satmayırıq, nömrələrdə qumar oynanmır, cavanlar yığılıb keyf eyləmirlər. Təmizcə, pakizə müsəlman nömrələri saxlayıram, müsəlman aşpazı saxlayıram, gözəl plov, dovğa, dolma, küftə bişirir ki,ölü yesə dirilər. Məgər bu xilafi-şər əməldir?
Dedim:
– Ağa seyid, mən deyəni sən başa düşmədin, mənim dediyim budur ki, seyid nömrə saxlamaz, seyid dükan açmaz, seyid hamballıq eləməz. Seyidsən, get xüms yığ, yəni kəndlərdə it qoruya-qoruya “tuğ” gəzdir, məscidlərdə özün üçün pul yığ. Nə mehmanxanabazlıqdır. On dörd şahı maya qoy, yeddi ərşin qədək al, sarı başına, düş kəndlərin canına. Bir ildən sonra inandırıram səni, yüzlükdən yorğan tikərsən, bu gecə dürüst fikir elə, peşman olmazsan!
Bala seyid mənim sözlərimə təbəssüm eyləyib soruşdu:
– Bir şeyə meyl edəcəksiniz, ya nə?
Dedim:
– Bir qədər xörək göndər.
Seyid “baş üstə” deyib getdi. Nökər boşqab, çəngəl, bıçaq, qaşıq gətirib stolun üstünə düzüb getdi. Sonra da bir boşqab plov gətirdi qoydu.
Plovu təzə yeyib qurtarmışdım, gördüm qapı açıldı, mənim köhnə Tiflis rəfiqlərimdən bir nəfər, Məşədi Həsən adlı, girdi içəri və üzünü mənə tutub dedi:
– Paho, ya Allah, a kişi, sən hara, Gəncə hara? Kufə[14 - Kufə – Ərəb İraqının məşhur şəhərlərindən olmuş, Fərat çayı qollarından birinin üzərində idi. İndi bir kənd vəziyyətindədir.] hara, Şam[15 - Şam – Suriyənin köhnə adı. Bunun mərkəzi olan Dəməşq şəhəri bu adla adlanırdı.Burada “Kufə hara, Şam hara” məfhumu bir şəxsin gözlənilməyən yerdə görünməsi mənasında işlənir.] hara? Nə əcəb, xeyirdimi? Sən ki, Tiflisdən kənara çıxmazdın, indi nə olub bizim ətrafa qədəm basdın? Doğrusu, bu gün səni məsciddə gördüm, istədim duram yanına gələm, yerimdən dura bilmədim, çünki axund çuxamın ətəyinin üstündə oturmuşdu, başı da plova qarışıqdı, zəhmət verib “çuxamın üstündən dur” deyə bilməzdim. Sonra da başımı qalxızdım, gördüm məsciddə yoxsan. Məsciddən çıxan tək dedim, gərək gedim mehmanxanaları axtarım. Gəlib burada soruşuram ki, Tiflisdən buraya adam gəlməyib? Deyirlər ki, bir bəy gəlib, on ikinci nömrəyə düşüb. Taxtaya baxıram, orada da yazılıb “Qozqıranbəyov”, pənah Allaha – deyib gəlmişəm. Çox şad oldum ki, neçə ildən sonra sağ və salamat görüşdük.
Məşədi Həsən mənim çarpayımın üstündə bardaş qurub əyləşdi.
Papağını çıxarıb qoydu yana və diqqətlə üzümə baxıb dedi:
– A kişi, axır heç qocalmayıbsan, belə mən Tiflisdə qoyduğum Mozalansan. Bir de görüm bu Qrzqıranbəyov familini haradan alıbsan?
Dedim:
– Sən elə məsələlərə əl uzatma, ancaq bunu bilginən ki, bu saat bəyəm, özüm də çox nəcib.
Məşədi Həsən inanmayıb dedi:
– Səndən bir neçə sual edəcəyəm, onlara cavab versən, onda bilərəm ki, həqiqət bəy olubsan.
Dedim:
– Buyur.
Məşədi Həsən soruşdu:
– Əvvəla, əgər sən bəysən, bu nömrələrdə nə işin var?
Dedim:
– Bəs haraya düşüm, qürbətə gələn nömrəyə düşməz, haraya düşər?
Dedi:
– Bəysən, buralardakı gözəl qəsdinlərin birinə düş: “Sentralni” var, “Peterburq” var. Bəy də müsəlman nömrəsinə düşərmi? Bu mənim əvvəl sualım, indi qalan suallarıma cavab ver.
Dedim:
– Buyur.
Məşədi Həsən başladı soruşmağa və mən də ona bir-bir cavab verdim.
Məşədi Həsən:
– Kənkanlıq bilirsənmi?
Mən:
– Necə kənkanlıq? Məgər bəy kənkanlıq edər?
Məşədi Həsən:
– Yəni özgələrə quyu qazmaq əlindən gəlirmi?
Mən:
– Necə özgələrə quyu qazmaq? Başa düşməyirəm.
Məşədi Həsən:
– Qoy açıq deyim. Danos verib ev yıxmaq bilirsənmi?
Mən:
– Xeyr, bilmirəm.
Məşədi Həsən:
– Əlbəttə öyrən. Yoxsa bəyliyin dürüst olmaz.
O biri sual:
– Neçə borcun var?
Mən:
– Allaha şükür, bir kəsə bir quruş verəcəyim yoxdur.
Məşədi Həsən:
– Bu da olmadı. Şərab içirsənmi?
Mən:
– Xeyr, heç anadan olandan dilimə dəyməyib.
Məşədi Həsən:
– Bu da olmadı. Danos bilməzsən, borcun yox, şərab içməzsən, bəs nə günün bəyisən, a mənim başıma daş salasan? Bunlar hamısı getsin cəhənnəmə, barı boz paltonun varmı?
Mən:
– Necə boz palton?
Məşədi Həsən:
– Əlbəttə, özünə bir boz palton tikdirsən, gümüş piləkli[16 - Düyməli] boyunluğunun qabağında qırmızı mahud olsun, özün də usta Kalusə tikdirəsən, çünki o kişi bəy paltonu tikməkdə çox mahirdir.
Məşədi Həsən bir az da məzəmmət elədi. Gördüm gözüm yumulur və mürgüləyirəm.
Dedi:
– Deyəsən yol səni yorub, yuxun gəlir. Gedim evə, sən də bir az yat, axşam gələrəm söhbət elərik.
Mən Məşədi Həsəndən təvəqqe etdim ki, bir-iki gün zəhmət çəkib Gəncəni mənə göstərsin. Əlini gözünün üstünə qoyub “gözüm üstə” deyib getdi. Məşədi Həsən gedəndən sonra uzandım təxtin üstünə. Bir neçə vaxt gözümə yuxu getmədi, xəyalət məni götürdü. Öz-özümə deyirdim: “A kişi, bu bəyliyin nə ağır vəzifələri var imiş, bilsəydim, əslən özümü dolaşdırmazdım”. Bu xəyalətlə axırı yuxuladım.
Bu gün cümə günü olduğuna görə Şah Abbas məscidinə getdim. Məscidin ətrafında çoxlu hücrələr gördüm. Bunların yarısı təzə tikilmiş idi. O biri yarısı köhnə zamandan qalma idi. Bir nəfərdən xəbər aldım ki, bu təzə hücrələr nə üçündür?
Dedi:
– Deyəsən qəribsən, bilmirsən?
Dedim:
– Bəli.
Dedi:
– A başına dönüm, din-məzhəb aradan çıxıbdır. Ata-babamız qoyan qaydanı buraxıblar, indi buranı tikiblər, adını da “məktəbi-ürfan” qoyublar, deyirlər gərək uşaqlarınızı gətirəsiniz, burada oxusunlar. Heç görünübdürmü ki, uşaq stul üstə oturub dərs oxusun?
Dedim:
– Əmi, adın nədir?
Dedi:
– Qulamın Əliəkbər. Mənə məşhur “mömin” və müqəddəs deyərlər.
Gəzə-gəzə o biri hücrələrin qabağına getdim. Gördüm burada çoxlu mollalar var. Bir nəfər də hücrənin qabağında durub baxır.
Dedim:
– Qardaş, bura nədir?
Dedi:
– Molla fabrikasıdır.
Bunu deyib getdi. Bu halda içəridən bir molla çıxdı. Bundan xəbər aldım ki, siz bura nəyə yığılıbsınız?
Dedi:
– Molla olmaqdan ötəri.
Bu sözü deyib ah çəkdi. Dedim:
– Balam, niyə ah çəkdin?
Dedi:
– Keçən günlər yadıma düşdü.
Dedim:
– Necə məgər?
Dedi:
– İşlər günbəgün çətinləşir. Ha bir yandan bağırırlar, mədəniyyət olduqca işlər asan olacaqdır. Amma mən görürəm ki, bu yalan sözdür. Keçmişlərdə birisi gəlib bir on beş gün qalıb, molla olub gedirdi. Amma indi işi çətin eləyiblər. Gərək tamam bir il qalasan. Fəqir-füqəranın evi yıxılır. A kişi, özgə xərclər dursun kənarda, təkcə ağanın cibini doldurmaq olmur. Bundan hesabını tut.
Dedim:
– Səbr elə, Allah kərimdir.
Buradan ötüb keçdim. Altı-yeddi hücrə gördüm. Hər birində on-on beş nəfər əyləşib söhbət edirdilər. Bunların bir nəfəri molla idi, yerdə qalanları mollaya oxşamayırdılar. Bir nəfərdən xəbər aldım ki, bura nədir?
Dedi:
– Bura da Şah Abbasın tənbəlxanasıdır.
Dedim:
– Oradakılar kimdir?
Dedi:
– Gəncənin hacıları və məşədiləri.
Dedim:
– O molla nə qayırır?
Dedi:
– Onlara nağıl söyləyir. Hər tənbəlxananın bir nağıl deyəni vardır. Bunların qışda odunu mövqufatdan[17 - Mövtufat – vəqfə verilmiş şeylər: vəqf – xeyrat, ehsan: məscid, məktəb xeyrinə sərf olunmaq üçün qoyulmuş mal, mülk və sairə.] verilir, özlərinin də adları nəqibin[18 - Nəqib – Bir qövmün və ya qəbilənin rəisi, yaxud vəkili.] dəftərinə düşübdür. Hər yerdə aş olsa, bunlar orda başdır. Kefləri kök, yeyib sabahdan axşama kimi burda yatırlar.
Bu halda gördüm bir hücrədən ucadan oxumaq səsi qalxdı. Dedim:
– Bu oxuyan kimdir?
Dedi:
– Gəncə mərsiyəxanlarıdır. Səsləri açılmaqdan ötrü məşq eləyirlər.
Bir neçə hücrələrdə gördüm adam yoxdur. Ancaq hər birində bir nəfər molla əyləşibdir. Dedim:
– Bunlar nədir?
Dedi:
– Bunlar da molla dükanıdır. Müştəri gözləyirlər.
Gördüm vaxt keçir, getdim mənzilə.
Axşam saat altıda yuxudan oyanıb samavar istədim. Nökər samovarı gətirib stolun üstünə qoydu. Çaynikə çay salıb, üstünə su alıb qoydu samavarın başına. Çay dəm alınca, mən də əl-üzümü yuyub, gəlib əyləşdim.
Bir az keçmişdi, Məşədi Həsən gəldi. Məşədi Həsənlə bahəm adama bir neçə stəkan çay içdik. Sonra Məşədi Həsən dedi:
– Dur gedək gəzməyə.
Dedim:
– Bundan sonra haranı gəzəcəyik?
Dedi:
– Bir az gedib Sərdar bağında gəzərik, oradan da gedərik dumaya. Bu gün orada yığıncaq olacaq, bizim dumaya baxarsan, görərsən Tiflis dumasına oxşayır, ya yox.
Məşədi Həsənin təklifinə “baş üstə”dən özgə cavab tapmayıb, durdum ayağa paltonu geydim, ağacı aldım əlimə, dedim. “Bismillah”.
Məşədi Həsən də ayağa durdu, bir yerdə düzəldik bağa tərəf. Nömrədən çıxıb, sağ tərəfə gedib, oradan da Yaqubson küçəsinə döndük ki, birbaş Sərdar bağına və birbaş da müsəlman qiraətxanasına çıxır.
Bağ gözəl bağdır: bir böyük xiyabanı var ki, iki tərəfindən uca çinarlar qalxıb baş-başa dəyib, gündüz günün işığını, gecə Ayın işığını camaatdan kəsir. Ancaq gündüz eyib eyləməz, sərin olur. O ki gecə, Allah göstərməsin, gözə barmaq dürtsən görülməz, xiyabanda, duma tərəfdən üç çıraq asıblar, çıraqlardan da heç işıq düşmür, deyirlər ki, duma buyurub ki, neftə qənaət olunsun. Bağın sair yerlərində çıraq yoxdur, ancaq göy ot və uca ağaclar adamın könlünü açır. Bunlara baxıb Gəncənin cavanlarına şükür edirdim ki, Qarabağ cavanları tək ağaclarda xəncərlərini imtahan edib, şəhəri bağsız qoymuyublar. Xülasə, Gəncənin bağı hər barədə tərifə layiqdir. Xiyabanın iki tərəfində skamyalar qoyulub ki, gəzənlər əyləşib dincəlsinlər və səyahət edən gimnaziya uşaqlarına tamaşa etsinlər. Bir az gəzib, biz də yorulub bir skamya üstündə əyləşdik. Mənim sağ tərəfimdə də üç nəfər cavan müsəlman əyləşmiş idilər. Gördüm cavanlardan biri üzünü o birilərinə tutub dedi:
– A kişi, burada oturmaqdan fayda yoxdur, durun gedək bir az yellədək.
O saat yoldaşları bunun sözünü təsdiq edib durdular ayağa. Üçü də getdi.
Dedim:
– Məşədi Həsən, yellədək nədir?
Dedi:
– Bu, Gəncə dilidir, yellətmək içməyə deyirlər, bunlar bu saat getdilər “Sansusi” deyilən restorana içməyə.
Soruşdum:
– “Sansusi” haradadır?
Dedi:
– Yaxındadır, elə dumanın yolundadır.
Dedim:
– Amandı, məni bir oraya çək.
Bağdan çıxıb əvvəl sol tərəfə getdik, sonra döndük bulvar küçəsinə, küçə ilə gedib əvvəl Çeralovun hamamı, sonra “Sentralnı” deyilən qastinsənin yanından ötüb, çatdıq “Sansusi”yə. “Sansusi” ibarətdir iki otaqdan: biri bufetdir və biri də zaldır. Həm bufetdə, həm zalda çoxlu stollar qoyulub. Stolların hamısında gördüm müsəlman cavanları əyləşib urhaura məşğuldurlar: pivə, araq, şərab Gəncə çayına dönüb.
Götürhagötürün, stəkanların bir-birinə taqqıltısının səsindən qulaq tutulur. Biri deyir: məşədi filan, sənin sağlığına ha. Biri deyir: kərbəlayı filan, çox razıyam. Xülasə, çox mehribançılıq və ittihad nişanəsi gördüm. Şərab, pivə içən hamısı müsəlman və heç birisindən şkola üzü görüb obrazovaniya almaq nişanəsi görünməyirdi. Öz-özümə dedim: yazıq bunların ataları bunları şkolaya qoymayıblar ki, gedib çaxır içərlər. Əlhəmdüllah, bunlar da atalarının haqq-səyini itirməyiblər və hər gün “Sansusi”də ibadətə məşğuldurlar.
“Sansusi”dən çıxıb getdik dumaya. Yuxarı mərtəbəyə çıxıb bir dar və alçaq otağa daxil olduq. Otağın bir başında bir böyük göy mahud örtülü stol, stolun dalında üç dənə kürsü, biri qlavaya, ikisi də üzvlər üçün qoyulub. Camaat vəkilləri yığılıb koma-koma orada-burada söhbət edirdilər. Bir az keçmişdi qapının zəngi çalındı: storojlar, piserlər, hamısı yüyürdülər qapıya. Bir də gördüm bir qoca kişinin qolundan neçə adam yapışıb yuxarı çıxartdılar, axırda gətirib üzvlər üçün müəyyən olan kürsülərin birisinin üstünə qoydular. Soruşdum:
– Bu kimdir?
Məşədi Həsən dedi ki, bu uprava üzvü Afşarov cənablarıdır.
Bu halda dübarə zəng çalındı, camaat qapıya yüyürüşüb tez ayrı qoca kişini haman qərar gətirib o biri kürsünün üstünə qoydular. Məşədi Həsən dedi ki, bu da ikinci üzv Cahangirxan Xoyski cənablarıdır. Məşədi Həsəndən soruşdum ki, səbəb nədir ki, hər bir şəhərdə uprava üzvlərini cavanlardan seçirlər, amma Gəncədə belədir?
Dedi:
– Şəxs dünyada nə qədər ömür etmiş olsa, bir eylə onun təcrübəsi artıq olar; upravada da gərək təcrübəli adamlar əyləşsinlər. Bu cənab Afşarov həmin ermənidir ki, bir vaxtında Gürcüstan padşahı İkinci İrakliyə hame olubdur və Cahangirxan cənabları Axtaxan[19 - İran şahı Ağa Məhəmməd şah Qacara (1742-1797) verilən addır.] əsrində Xoydan gəlib, o vədədən Gəncədədir; gələndə də cavan oğlanmış.
Dedim:
– Dur gedək.
Dedi:
– Dayan görək nə danışacaqlar?
Dedim:
– Lazım deyil, belə cahandidə[20 - Cahandidə – dünya görmüş, təcrübəli.], cəngamudə[21 - Cəngamudə – müharibələrdə sınaqdan çıxmış, təcrübəli.] üzvlərin danışı-ğında diqqət olmaz. Mənim də qələmim onların vəsfini yazmaqdan acizdir, necə ki, şair deyibdir:
Bəni-adəm əzaye yekdigərənd,
Ke dər afərineş ze yek cohərənd,
Ço ozvi bedərd avərəd ruzqar[22 - Əslində belədir:Bəni-adəm əzaye yekdigərənd,Ke dər afərineş ze yek cohərənd,Ço ozvi bedərd avərəd ruzqarDigər ozvhara nəmanənd qərar.Mənası: İnsanlar bir bədənin üzvləridir. Onlar bir cövhərdən yaradılmışdır.Ruzigar bir üzvü ağrıtdıqda digər üzvlər də ağrıya dözə bilmir.]…
Bəravərənd qolamane u derəxt əz bix[23 - Əslində belədir:Əgər zebağe rəiyyət məlik xorəd sibi,Bəravərənd qulamane u derext əz bix.Mənası: Əgər şah rəiyyət bağından bir alma yesə, onun qulları ağacı dibindən çıxararlar.].
Məşədi Həsən dedi:
– Axır qafiyə düz gəlmədi.
Dedim:
– Eybi yoxdur, bunu da Sədi deyib.
Dumadan mənzilə qayıdıb yatdım.
Sabah tezdən Məşədi Həsən gəldi, getdik şəhəri gəzməyə. Gəncə şəhərinin ortasından bir böyük çay axır. Bu çay şəhəri iki hissəyə bölüb, yuxarı hissəsi ermənistandır, aşağı hissəsi müsəlmanıstan. Ermənistandan bir şey yazmaq istəmirəm, çünki hər şəhərin ermənistanı bir növdür. Keçək müsəlmanıstana. Müsəlmanıstan neçə məhəllədir ki, bura dilində küçə deyirlər. Küçələr: Ozan, Zərrabi, Əttarlar (burada, keçmişdə cavanların qazancı dərin bir quyuya düşüb hələ də gedir), İmamlı (burada bir hacı Seyid Ağa Bala var), Toyuqçu (məşhur mücahid Molla Əta kişinin vətəni) və Sofulu.
Ozanda olanlar gecə-gündüz yatmayıb, əllərində tüfəng, qarovul çəkirlər, çünki orada sakin olanların malı quldurlara çox şirin gəlir. Zərrabi Gəncənin Yevropasıdır: dövlət idarələri və urus qulluqçuları hamısı Zərrabidə olurlar. Əttarların ləzzəti, cuhudun evi bağlanandan bəri qaçıb. Toyuqçu və Sofulu küçələrinə gedə bilmədik, çünki yağış yağmışdı, yolun palçığından tərpənmək olmayırdı, hətta tat məscidinin qabağında bir camış arabası palçığa batmışdı. Neçə adam çalışırdı, nə camışları, nə arabanı palçıqdan çıxarda bilməyirdilər. İmamlı küçəsində ancaq hamamları gördük. Məşədi Həsən uzaq getməyi məsləhət görmədi. Dedi:
– Xuda nə kərdə, Hacı Seyid Ağa Balanın əlinə düşərsən, evin yıxılar.
Soruşdum:
– Hacı Seyid Ağa Bala mənə nə eyləyəcək?
Dedi:
– Sənin canın üçün, əlinə düşdünmü, üç günün içində səni ya Məkkəyə göndərəcək, ya Kərbəlaya, ya Xorasana. Elə ki, eşidib birisinin əlinə bir az pul keçib, məsələn, bağ meyvəsi satıb, ya irs alıb, o saat gəlib ona iki min məzəmmət eyləyib göndərəcək ziyarətə. Ziyarətə gedənləri aparıb ötürür, kimisini vağzaladək, kimisini – dövlətlilərdən Bakıyadək, ya Batumadək. İyirmi beş manatdan, əlli-yüz manata qədər çavuşluq[24 - Müqəddəs yerlərə ziyarətə gedənlərə bələdçilik edən.] həqqi alır. Neçə adamı bu növ ziyarətə göndərib. İndi bu adamların çoxusu gəliblər, çörəyə möhtacdırlar, amma Hacı Seyid Ağa Bala İmamlıda çayın kənarında iki mərtəbə barigah tikdirib.
Həqiqət, fikir elədim ki, bu adam xatalı adamdır, amma öz-özümə də qət elədim ki, bir gedim təklikdə onu görüm, çünki xatircəm idim ki, mən özüm xahiş etməsəm, məni yüz Hacı Seyid Ağa Bala ziyarətə göndərə bilməz. Məşədi Həsənə dedim:
– Eybi yoxdur, hacıdan uzaq qaçırıq, ancaq bir hamama girək.
Girdik hamama. Hamamın suyunun rəngi sapsarı, suyun üzündə o qədər yağ var idi ki, əgər içinə bir beş-altı pud noxud töksən yaxşı bozbaş olardı. O biri hamamlara girdik, o da həmçinin, axırda dedilər ki, hamamların birində nömrələr var. Nömrəli hamama getdik, orada da çimmək bizə mümkün olmadı, çünki nömrələrin içində çust qurudurdular.
Ona görə yer yox idi. Məşədi Həsən dedi ki, çust tikən hamamçı ilə oduna şərik olub, şərt edibdir ki, nömrələrdə çust qurutsun.
Hamamçı dedi:
– Əgər bir saat gözləsəniz, çustları bir tərəfə yığaram, a biri tərəfdə çimərsiniz.
Dedim:
– Allah razı olsun, elə çimmiş kimi varıq.
Xülasə, hamamların heç birisində bizə çimmək mümkün olmadı. Axırda gedib Çeralovun gürcü saxlayan təmiz nömrələrində çimib qayıtdıq mənzilə.
Gəncəni artıq gəzməyi lazım bilmədim. Hər yerdə əxz elədiyim bu oldu: yağış bərk yağanda müsəlman hissəsində nəinki piyada, dəvə ilə də gəzmək mümkün deyil. Evlər taxtapuşsuz olmağına görə hamısının içində yağışdan sonra qurbağalar quruldayır, bununla belə, küçələrə elektrik işığı çəkirlər. Mən təəccüb ilə dedim ki, sair yerlərdə şəhəri aşağıdan yuxarı abad edirlər, yəni əvvəl küçələr, sonra evlərin taxtapuşları, axırda elektrik. Amma burada işlər tərsinədir. Yuxarıdan aşağı abad edirlər.
Təəccüb etməyin ki, molla əmi[25 - “Molla Nəsrəddin”ə işarədir.], bu məktubu sizə Bakıdan yazıram. Öz xudsərliyimin[26 - Özbaşınalıq, heç kəsin sözünə qulaq asmamaq.] ucundan bəlayə düşmüşəm: axı mən niyə Məşədi Həsən tək aqil şəxsin sözü qulaq asmadım? Axı mənim nə işim var idi Hacı Seyid Ağa Balanın evində? “Arığın qoruğda nə işi var, vuralar qılçasına?” Xülasə, iş işdən keçib. İndi gəlmişəm, “İslamiyyə”[27 - Mehmanxana adıdır.] nömrələrində, dizlərimi qucaqlayıb fikrə getmişəm.
Deyirəm: Ay Allah, İranın bu şuriş[28 - Qarışıqlıq, üsyan. Burada Səttarxan hərəkatına işarədir.] vaxtında görəsən başıma nə müsibətlər gələcək, qayıdıb genə bir Tiflisi görəcəyəmmi? Axı mən hara, Xorasan hara? Sözüm yoxdur, Xorasan bir müqəddəs yerdir, ancaq ora mənim tək qəzet-qüzet yazan yeri deyil. Bir də fikir etdim ki, Qafqazın şəhərlərindən ildə yeddi min yeddi yüz yetmiş yeddi qumarbaz Xorasana gedir, hətta Qarabağdan məşhur lotu Qulu da gedib məşədi olub gəlib, genə toylarda lotuluğunu eyləyir. Məşhur mərhum xanəndə Hacı Hüsü də Məkkədən gələndən sonra əlinə qaval alıb xanəndəlik eləyirdi. Bu fikirdən sonra dedim: “Məgər qəzet yazan lotudan pisdir, niyə Xorasana gedə bilməz?” İndi bu xəyal ilə özümü sakit etmişəm. Sizin üçün də təfavüt eləməz: İrandan da bir az səyahətnamə yazaram, axırda genə Qafqaz durur, mən dururam. Gəlib o qədər yazacağam ki, axırda özünüz deyəcəksiniz “kifayətdir”.
Əhvalatı başdan deyim: Məşədi Həsənlə Çeralov hamamından gəldik mənim mənzilimə. Bir yerdə çay içdik, çaydan sonra mən yatdım. Məşədi Həsən də getdi evinə.
Axşam durub üzümü yuyub çıxdım yola. Faytonçudan soruşdum ki, Hacı Ağa Balanın evini tanıyırsanmı?
Dedi:
– Çox gözəl tanıyıram, buyur əyləş.
Əyləşdim, gəldim hacının qulluğuna. Hacı mənə həqiqət artıq iltifat eylədi: özü qapıya – qabağa çıxıb, məni otağına apardı, əyləşdik.
Əhval-pürsanlıqdan sonra hacı üzünü mənə tutub buyurdu:
– Bağışlayın, sizi tanıya bilməyirəm.
Mən ərz eylədim ki, mən tiflisliyəm, adım da Mozalanbəydir.
Dedi:
– Bəli, bəli, eşitmişəm, Məşədi Mozalanbəy sizsiniz?
Ürəyim əvvəl bir gupp elədi. Dedim:
– Bağışlayın, ağa, mən məşədi deyiləm.
Buyurdu:
– İnşallah məşədi olarsınız, bəs Gəncəyə nə əcəb buyurubsunuz?
Dedim:
– Mən Qafqazı səyahət edirəm və bu niyyət ilə Gəncəyə gəlmişəm.
Hacı buyurdu:
– Dəxi gözəl, indi ki səyahətdir, bir Xorasana da səyahət edin, İranı da görün, həm də öz müsəlmanlıq təklifinizdən çıxın, mən özüm sizi gərək yola salam.
Mən istədim bir az danışam, hacı durdu çıxdı, bir azdan sonra genə qayıtdı. Dalınca bir oğlan iki stəkan lətif çay gətirdi, yanında neçə növ mürəbbə. Çay içəndən sonra hacı xahiş etdi ki, mən ona keçmiş səyahətlərimdən nəql edim və buyurdu ki, mən səyahətnamə oxumağa çox bəndəm, ancaq “Molla Nəsrəddin”nin yazısını gözüm əməlli seçməyir, ona görə oxuya bilmirəm.
Bir az söhbət elədik, durdum ayağa, mənzilə gedim. Hacı qoymadı, plova saxladı. Plovdan sonra durdum xudahafiz elədim. Hacı qapıyadək məni ötürüb soruşdu:
– Haraya düşübsünüz?
Dedim:
– “Tehran” nömrələrinə.
Gəldim soyundum, girdim yerə, amma sübhədək gözümə yuxu gəlmədi. Sübh durub çay içirdim, qapını döydülər. Mən güman etdim ki, Məşədi Həsəndir, dedim: “Məşədi, gəl”. Qapı açıldı. Hacı Seyid Ağa
Bala daxil oldu.
– Salam, Məşədi Mozalanbəy.
– Əleykəssalam, hacı.
Əyləşdi, bir stəkan çay içdi və sonra dedi:
– Sabah saat xoşdur, inşallah günorta maşını ilə yola düşərsiniz.
Dedim:
– Ay ağa, axır bu bir günün işi deyil, gərək zaqraniçni paşpurt çıxardım, bu da bir-iki həftə möhlət istəyir. Mən necə sabah gedə bilərəm?
Bu növ istədim ağanın əlindən yaxamı qurtaram, olmadı. Cibindən bir İran paşpurtu çıxarıb dedi:
– Buyur, zaqraniçni paşpurtun biri iyirmi manata düzəlir, amma bunu mən dörd manata kirayəsinə götürmüşəm. Dörd manat verib özünüz ilə apararsınız, ancaq qayıdanda gətirib mənə verərsiniz. Mən də sahibinə verrəm.
Paşpurtda yazılmışdı: “Mazandaran vilayətində, Qarğadolanmaz kəndinin sakini Səftər Qulu oğlu”. Paşpurt da mənim dilimi kəsdi. Ələlxüsus, ağanın buyurmağı ki, mənim tək seyidin sözündən heç kəs çıxa bilməz.
Paşpurtu qoydum cibimə. Ağa getdi. Məşədi Həsən gəldi gördü çamadanı qablayıram. Soruşdu:
– Nə işdir?
Dedim:
– Dinmə, Xorasana gedirəm.
Dedi:
– Evin yıxılmasın, yoxsa Hacı Ağa Bala səni tapdı?
Dedim:
– Lazım deyil, danışma. Söz müxtəsər yaxşıdır.
Sabahdan Hacı Seyid Ağa Bala və Məşədi Həsən gəldilər. Bala seyidi çağırıb hesabını çəkdim. Bir fayton tutub getdik vağzala. Hacı Seyid Ağa Bala yol uzunu minacat oxuyurdu. Gəldik vağzala. Saat dördə on bir dəqiqə işləmiş maşın gəldi. Hacı Seyid Ağa Bala məndən iyirmi beş manat səlaməti alıb, “iltimasi-dua” deyib qayıtdı şəhərə. Məşədi Həsən maşın yola düşüncə dayandı. Maşın üç dəfə fışka[29 - Fit, fışdırıq.] verdi. Məşədi Həsənlə öpüşüb ayrıldıq. İndi, necə ki ərz elədim, Bakıda “İslamiyyə” nömrələrindəyəm. Bakını səyahət etməyə macal yoxdur, çünki bu axşam saat onun yarısında gərək paraxoda minəm. İnşallah, qayıdanbaş bir neçə gün Bakıda qalıb, oradan da əhvalat yazaram. Hələ ki, xudahafiz.
Qarabağa on manat göndərin, seyid qəbrinin üstündə Yıxılqo əmiyə bir gün təkiyə edin. Bəlkə mənə İranda Mədəli[30 - Məhəmmədəli şah.] tərəfdarlarından bir xəta toxunmasın.
Dilinin ucundan avara düşən:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68336740) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Sədinin “Gülüstan” əsərindən bir beytdir. Məzmunu: yaxşı ad qazanan daimi bir zənginlik tapmışdır. Çünki dalınca xeyir danışılan adamın adı ölməz.
2
Bir məclis ki, hər iki dünyanın şahidləri oraya gəlirlər.
3
Eşitmək hara, görmək hara!
4
Borc
5
Biabır olmaq istəməyirsənsə, camaatla həmrəng ol.
6
Bu acı piyaləni şirin əldən al.
7
Lutun arvadı pis adamlarla yoldaş oldu, peyğəmbərlik xanədanı itdi.
8
Mozalan – Heyvanları sancan və qan soran iri milçəkdir. Burada məcazi mənada işlədilmişdir.
9
“Səyahətnameyi-İbrahimbəy” – Marağalı Zeynalabdin Məşədi Əli oğlunun (1837-1910) əsəridir. Üç cilddən ibarət olan həmin əsər İstanbulda, Qahirədə, Kəlkətədə və Tiflisdə (“Qeyrət” mətbəəsində) çap olunmuş və Yaxın Şərqdə geniş şöhrət qazanmışdır. Əsərin bir hissəsi inqilabdan əvvəl Azərbaycan dilinə tərcümə edilmişdir. Səyahətnamədə İran dövlət quruluşundakı yaramazlıqlar, törənən cinayətlər və özbaşınalıq qüvvətli vətənpərvərlik duyğusu ilə kəskin tənqid atəşinə tutulmuşdur.
10
Mən sənə adbaad nə sayım?
11
Səngə – səngək çörək çeşidi, səngəkçi – səngək bişirib satan.
12
Zərrab – metal pula sikkə vuran. Görünür, bu küçədə zərrablar varmış.
13
Məhəmməd peyğəmbərin təvəllüd günü.
14
Kufə – Ərəb İraqının məşhur şəhərlərindən olmuş, Fərat çayı qollarından birinin üzərində idi. İndi bir kənd vəziyyətindədir.
15
Şam – Suriyənin köhnə adı. Bunun mərkəzi olan Dəməşq şəhəri bu adla adlanırdı.
Burada “Kufə hara, Şam hara” məfhumu bir şəxsin gözlənilməyən yerdə görünməsi mənasında işlənir.
16
Düyməli
17
Mövtufat – vəqfə verilmiş şeylər: vəqf – xeyrat, ehsan: məscid, məktəb xeyrinə sərf olunmaq üçün qoyulmuş mal, mülk və sairə.
18
Nəqib – Bir qövmün və ya qəbilənin rəisi, yaxud vəkili.
19
İran şahı Ağa Məhəmməd şah Qacara (1742-1797) verilən addır.
20
Cahandidə – dünya görmüş, təcrübəli.
21
Cəngamudə – müharibələrdə sınaqdan çıxmış, təcrübəli.
22
Əslində belədir:
Bəni-adəm əzaye yekdigərənd,
Ke dər afərineş ze yek cohərənd,
Ço ozvi bedərd avərəd ruzqar
Digər ozvhara nəmanənd qərar.
Mənası: İnsanlar bir bədənin üzvləridir. Onlar bir cövhərdən yaradılmışdır.
Ruzigar bir üzvü ağrıtdıqda digər üzvlər də ağrıya dözə bilmir.
23
Əslində belədir:
Əgər zebağe rəiyyət məlik xorəd sibi,
Bəravərənd qulamane u derext əz bix.
Mənası: Əgər şah rəiyyət bağından bir alma yesə, onun qulları ağacı dibindən çıxararlar.
24
Müqəddəs yerlərə ziyarətə gedənlərə bələdçilik edən.
25
“Molla Nəsrəddin”ə işarədir.
26
Özbaşınalıq, heç kəsin sözünə qulaq asmamaq.
27
Mehmanxana adıdır.
28
Qarışıqlıq, üsyan. Burada Səttarxan hərəkatına işarədir.
29
Fit, fışdırıq.
30
Məhəmmədəli şah.