Mobi-Dik

Mobi-Dik
Herman Melville
Dünya ədəbiyyatından seçmələr
Balina ovçusu kapitan Ahav ilə nəhəng ağ balina arasında macəra dolu mübarizədən bəhs edən bu əsər bir-birindən maraqlı, həyəcanlı səhnələrlə zəngindir və ibrətamiz sonluqla başa çatır.

Herman Melvill
Mobi-Dik

© ALTUN KİTAB MMC – 2020

1
Mənim adım İzmaildir. Bir neçə il bundan əvvəl cibimdə siçanlar oynamağa başlayanda yer üzündə, daha doğrusu, quruda artıq məni maraqlandıran heç nə qalmamışdı. Onda anladım ki, gəmidə işə düzəlib dənizləri kəşfə çıxmağın vaxtıdır.
Dənizlərdə, okeanlarda üzməyi sevirəm. Sərnişin kimi yox ha! Axı sərnişinlərin pul kisəsi dolu olur. Mənimsə, dediyim kimi, cibimdə qara qəpiyim də yox idi. Bir də ki, sərnişinlər dəniz xəstəliyindən, yuxusuzluqdan əziyyət çəkir, gəmidə dava-dalaş salır, qısası, səyahətdən doyunca ləzzət ala bilmirlər. Kapitan və ya bosman[1 - Bosman – gəmidə kiçik komanda heyətinə rəhbərlik edən şəxs] kimi üzmək də istəmirəm. Qoy arzusunda olanlar bu vəzifələrin şan-şöhrətindən yararlansınlar. Mənsə öz qayğıma qalsam, bəsdir. Üstəlik, yelkənin, dorağacının, takelajın[2 - Takelaj – yelkənləri dorağacına bağlayan kəndir] dərdini çəkməyəcəyəm ki!
O ki qaldı koka[3 - Kok – gəmi aşpazı], hə, bax bu, yaxşı peşədir, ancaq… toyuğu odun üstündə tutub ütməyə səbrim çatmaz.
Yox, mən üzmək istəyəndə adi matros[4 - Matros – hərbi-dəniz donanmasında komanda heyətinə mənsub olmayan sıravi xidmətçi; mülki donanmada adi dənizçi] kimi gəmidə işə düzəlirəm. Düzdür, onda da məcbur eləyirlər ki, çəyirtkə çəmənlikdə hoppanan sayaq dorağacının təpəsində o tərəf-bu tərəfə tullanasan. Bu, əvvəl adama xoş gəlmir, xüsusən də əgər hörmətli-izzətli nəslin soyadını daşıyırsansa. İstər-istəməz adamın heysiyyətinə toxunur. Ancaq eyib etməz, hansısa qoca kaftarın əmri ilə göyərtəni süpürsən, dünya dağılmayacaq ki!
Və nəhayət, ona görə matros kimi üzmək istəyirəm ki, onlara pul ödəyirlər. Məgər siz hansısa sərnişinin gəmidə bir penni[5 - Penni – İngiltərə və Finlandiyada xırda pul] belə qazandığını görmüsünüz? Əksinə, sərnişinlər özü gəmi ilə səyahətə çıxmaq üçün pul verməli olurlar.
Bəs niyə həmişə ticarət gəmilərində işlədiyim halda bu dəfə balina ovlayan gəmidə işə düzəldim? Hə, bax bu sualın cavabını heç mən özüm də bilmirəm. Yəqin, alnıma belə yazılıbmış… Çox güman ki, bu işdə dənizlərin nəhəng və əsrarəngiz varlıqları olan balinalar da öz rolunu oynayıb. Axı balinalara həmişə böyük maraq duymuşam. Bundan başqa, uzaq sahillər, tropik ölkələr də məni özünə cəlb eləyib.
Beləliklə, balina ovunun bütün təhlükələrini yaşamağa hazır idim. Artıq təsəvvürümdə bütöv bir balina sürüsü canlanırdı. Və onların arasından ağappaq, nəhəng bir balina qəfil dənizin dərinliklərindən suyun üzünə çıxıb gün işığında buz parçası kimi bərq vururdu…

2
Balina ovlayan gəmidə işləməyə qərar verəndən sonra içinə iki köynək atdığım köhnə həsir çantamı qoltuğuma vurub yola düzəldim. Sakit okeana üz tutmaq məqsədilə Nyu-Bedforda[6 - Nyu-Bedford – ABŞ-ın Massaçusets ştatında şəhər] gəldim. Dekabr ayı, şənbə günü idi. Nantaket adasına üzən kiçik paketbotun[7 - Paketbot – poçt-sərnişin gəmisi] limandan təzəcə aralandığını öyrənəndə çox məyus oldum. Çünki növbəti gəmi bir də bazar ertəsi yola düşəcəkdi.
Balina ovunun çətinliklərini dadmaq istəyən bütün gənc macərapərəstlərin yolu Nyu-Bedforddan keçir. Axı balina ovunun vətəni sayılan Nantaket adasına gəmilər həmin limandan üzür. Bir amerikalı tərəfindən vurulan ilk balina isə məhz Nantaket adasında sahilə çıxarılıb.


Beləliklə, bazar ertəsinə kimi Nyu-Bedfordda gecələyəcək yer tapıb, üstəlik, qarnımı da doyurmalı idim. Axşam düşmüşdü. Hava şaxtalı idi. Bu şəhərdə heç kimi tanımırdım. Ciblərimi eşələyib bir ovuc gümüş tapdım. Körpünü keçib «Çarpaz harpunlar»[8 - Harpun – dəniz heyvanlarını ovlamaq üçün nizə] adlı mehmanxanaya yaxınlaşdım. Bura çox səs-küylü və bahalı yerə bənzəyirdi. Həmin mehmanxananı keçəndən sonra üzərinə «Qılıncbalığı» yazılmış lövhə gözümə sataşdı. İçəridən qədəh cingiltiləri gəlirdi. Mehmanxananın pəncərələrindən çölə elə gur işıq düşürdü ki, mən «Qılıncbalığı»nın da cibimə uyğun yer olmadığını dərhal anladım. Yoluma davam eləyib dənizə yaxın məhəllələrə tərəf üz tutdum. Fikirləşdim ki, yəqin, dəniz sahilində çox dəbdəbəli olmasa da, münasib qiymətə qalmağa yer taparam. Qaranlıq küçələrlə addımlayırdım. Körpüyə yaxınlaşanda qulağıma cırıltı səsi gəldi, başımı qaldırıb baxdım. Laxlayan qara lövhənin üstünə ağ rəngli boya ilə yazılmışdı:
Tabut Piterin «Balina fəvvarəsi» mehmanxanası
Qapısından bu qəribə lövhənin asıldığı uçuq-sökük daxma iflic vurmuş adam kimi yana əyilmişdi. Pəncərələrdən işıq düşmürdü, içəridən səs-səmir də gəlmirdi.
«Hə, bax bura mənim cibimə uyğun daldalanacaqdır», – ürəyimdən keçirdim.
Daxmanın qapısını açıb içəri girdim. Bura alçaqtavanlı, divarları taxta lövhələrlə üzlənmiş alaqaranlıq dəhliz idi. Divardan çoxlu mizraq və dəyənək asılmışdı. Balina ovunda istifadə olunan bir xeyli harpun və yaba da vardı. Bu cansıxıcı dəhlizdən keçib qonaq otağına çatdım. Otaq da dəhliz kimi alaqaranlıq və darıxdırıcı idi. Tavana taxta tirlər vurulmuş, divarlar taxta lövhələrlə üzlənmişdi. Bura girəndə özümü qaranlıq gecədə körpünün altında yırğalanan köhnə gəminin alt göyərtəsindəki kimi hiss elədim. Divarboyu dünyanın ən ucqar guşələrindən toplanmış cürbəcür əşyaların yığıldığı, üstünü toz basmış şüşə qutular düzülmüşdü. Şam yeməyini gözləyən bir neçə matros qutuların ətrafında vurnuxaraq uzaq diyarlardan gətirilmiş bu bər-bəzəyə tamaşa eləyirdi.
Otağın lap dərinliyində Qrenlandiya balinasının başını xatırladan əcaib bir şey gözümə sataşdı. Yaxından baxdıqda onun, həqiqətən də, balina çənəsi olduğunu gördüm. Çənə elə iri idi ki, altından rahatlıqla araba keçə bilərdi. Balina çənəsinin içinə taxçalar quraşdırılmış, onların üstünə cürbəcür qədimi qrafinlər, şüşələr düzülmüşdü. Həmin şüşə qabların arasında isə beli bükülmüş, balacaboy bir kişi gözə dəyirdi. Çox güman, mehmanxananın sahibi Tabut Piter idi. O, matroslara içki süzür, pulunu da qabaqcadan alırdı.
Kişiyə yaxınlaşıb qalmağa yer axtardığımı dedim. O, mehmanxanada boş yer olmadığını bildirdi. Sonra birdən nəsə xatırlayıb əlini alnına vuraraq dedi:
– Dayan bir görüm… Sənə harpunçunun yanında yer versəm, yəqin, etiraz etmərsən. Görürəm ki, dəniz səfərinə çıxmağa hazırlaşırsan. Elə isə, hər şəraitə uyğunlaşmalısan.
Mən cavabında dedim ki, yad adamla bir otaqda yatmağı sevmirəm, lakin əgər o harpunçu pinti və içki düşkünü deyilsə, birtəhər dözərəm.
– Çox gözəl! – kişi dilləndi. – Buyur, otur, şam yeməyinə az qalıb.
Birazdan mehmanxanada qalanların hamısı yan otaqdakı masanın ətrafına toplaşdı. İki sısqa şam içərini güclə işıqlandırırdı. Hava çox soyuq olsa da, buxarı yanmırdı. Buşlatımıza[9 - Buşlat – dənizçi kürkü] bürünüb oturmuşduq, içində qaynar içki olan parçı əlimizlə bərk-bərk sıxıb donmuş barmaqlarımızı isitməyə çalışırdıq. Ancaq yeməyə söz ola bilməzdi! Ətlə qızardılmış kartof və şipşirin bulka! Adamlardan biri bulkaları acgözlüklə təpişdirməyə başladı.
– Bu həmin harpunçu deyil ki? – mən pıçıltı ilə mehmanxana sahibindən soruşdum.
– Yox, – kişinin üzünə qorxunc təbəssüm yayıldı, – o bu sarışın matrosdan fərqli olaraq qarabuğdayıdır, özü də şirin bulka yeməyi sevmir, qanlı ətlə qidalanır.
– Lənət şeytana! – mən dedim. – Yaxşı, bəs o haradadır?
– Narahat olma, indilərdə gəlib çıxar.
Mən artıq qorxmağa başlamışdım…
Şam yeməyi başa çatdı. Matroslar öz otaqlarına çəkildilər. Qonaq otağında bircə mən qalmışdım. Narahat idim, harpunçu ilə bir otaqda necə qalacağım barədə düşünürdüm. O isə hələ də gəlib çıxmamışdı.

3
– Ağa, – deyə handan-hana mehmanxana sahibinə səsləndim, – mən harpunçu ilə bir otaqda qalmaq fikrindən daşınmışam. Elə buradaca, oturacağın üstündə uzanıb yataram.
– Necə istəyirsən, – mehmanxana sahibi dilləndi. – Ancaq bu oturacaq yaman bərkdir ha! Bir dayan görüm, məndə rəndə olmalıdır. Bircə dəqiqə səbrini bas, indicə sənə quş tükü kimi rahat yatacaq düzəldəcəyəm.
Onun taxta oturacağı yonub-hamarlamaqla yumşaq yataq düzəldəcəyi çox da ağlıma batmadı. Üstəlik, oturacaq mənim boyumdan bir xeyli qısa idi. Beləliklə, bu fikirdən də əl çəkməli oldum.
– Lənətə gəlmiş harpunçu əvvəl-axır gəlib çıxacaq, ya yox?! – öz-özümə deyinirdim. – Bəlkə, onun gəlməsini gözləmədən otağa gedim, içəridən qapının sürgüsünü keçirim, sonra da yıxılıb yatım. Harpunçu qapını döyəndə də özümü yuxuluğa vuraram.
Bir az fikirləşəndən sonra bu fikir də mənə ağlabatan gəlmədi. Axı səhər istər-istəməz otaqdan çıxmalı olacaqdım. Onda gecə qapını açmadığıma görə qəzəblənmiş harpunçu bir yumruğu ilə vurub məni yerə sərərdi. Odur ki gözlərimdən yuxu tökülsə də, harpunçunun gəlişini gözləməkdən başqa çarəm qalmadı.
Artıq gecəyarıdan keçmişdi. Lakin hələ də harpunçudan xəbər-ətər yox idi.
– Ağa, – mən yenə mehmanxana sahibinə səsləndim, – o, həmişə belə gec gəlir?
– Yox, əslində, heç vaxt bu qədər gecikməyib, – deyə kişi cavab verdi. – Bilmirəm niyə belə yubandı. Yəqin, kəlləsini satmağa adam tapmayıb.
Bu sözləri eşidəndə lap çaşıb-qaldım.
– Necə yəni, kəlləsini satmağa adam tapmayıb? Siz mənimlə zarafat eləyirsiniz?
– Yox, – Tabut Piter tövrünü pozmadan dilləndi. – Mən ona demişdim də, sata bilməyəcək. Onsuz da bazar doludur.
– Nəylə doludur? – mən eşitdiyim bu sözlərdən dəhşətə gələrək qışqırdım.
– Nəylə olacaq?! Kəllələrlə! Bu dünyada başı bədəninə ağırlıq eləyən o qədər adam var ki!
– Bura baxın, yaxşısı budur, ələ salmağa özünüzə başqa adam tapasınız, – hirslə dedim. – Sizin o harpunçudan da qorxub eləmirəm. Çox oyan-buyan eləsə, vurub kəlləsini əzərəm.
– Onun kəlləsi elə əzilib də, buna görə heç kim almaq istəmir, – kişi belə deyib hiyləgərcəsinə güldü.
Mən mehmanxana sahibinin söylədiklərindən heç nə başa düşməmişdim. Odur ki əsəbi halda dilləndim:
– Elə bu dəqiqə o lənətə gəlmiş harpunçunun kim olduğunu mənə düz-əməlli başa salmalısınız! Gecəni kiminlə bir otaqda qalacağımı bilməliyəm, ya yox?!
– Sakit olun, cavan oğlan! – kişi yenə gülüb dedi. – Məsələ burasındadır ki, bizim harpunçu cənub dənizlərindən yenicə qayıdıb. Özü ilə də bir yığın yenizelandiyalı kəlləsi gətirib. Artıq hamısını bazarda xirid eləyib, bircəciyindən başqa… Səhər axırıncı kəlləni satmağa getdi. Sabah bazar günüdür axı, adamlar kilsəyə gedən vaxt əlində kəllə tutub satmaq yaxşı düşməz.
Nəhayət, söhbətin nədən getdiyini anlamışdım. Lakin yenə də gecə vaxtı küçələrdə ölü kəlləsi satan adamdan yaxşı heç nə gözləmək olmazdı.
– Sizin bu harpunçu çox təhlükəli adamdır, – mən dedim.
– Əsas odur, otağın pulunu vaxtlı-vaxtında verir. Mənə bax, bu fikirləri başından at getsin, rahatca yerinə uzan yat. Al, bu da şam, – Tabut Piter bunu deyib otaqdakı şamlardan birini mənə uzatdı.
Mən hələ də tərəddüd içində idim, yerimdən tərpənmək istəmirdim. Bunu görən mehmanxana sahibi divar saatına baxıb dedi:
– Saat 12 olub, harpunçu indi, Allah bilir, haralarda veyillənir, bu gecə çətin qayıtsın. Hə, nə deyirsən, gəlirsən, ya yox?
Mən əlacsız halda onun arxasınca yollandım.

4
Biz pilləkənləri çıxıb balaca bir otağa girdik. Bura məzar kimi soyuq idi. Otağın ortasındakı iri çarpayıya dörd harpunçu birdən sığardı.
Kişi əlindəki şamı küncdəki sandığın üstünə qoydu. Bu sandıqdan həm masa, həm də əlüzyuyan altlığı kimi istifadə olunurdu.
– Gir yerinə, rahatca yat, – Tabut Piter bunu deyib otaqdan çıxdı.
Çarpayının üstündəki adyalı kənara çəkib yatağa tərəf əyildim. Yorğan-döşək çox da təmiz deyildi, lakin birtəhər yatmaq olardı. Sonra otağa göz gəzdirdim. Burada çarpayı və sandıqdan başqa, rəf və buxarı da vardı. Bir küncdə isə dənizçi kisəsi gözümə sataşdı, yəqin, harpunçunun çamadanını bu kisə əvəz eləyirdi. Rəfdə bir neçə balıqçı qarmağı vardı, çarpayının baş tərəfində isə divara bir harpun söykəmişdilər.
Mən ayaqqabımı və paltarımı çıxardım, şamı söndürüb adyalın altına girdim. Döşək elə bərk idi, deyərdin, içinə qarğıdalı cecəsi doldurublar. Bir xeyli oyan-buyana çevrildim. Elə gözümə yenicə yuxu getmişdi ki, dəhlizdən gələn səsə oyandım. Kimsə ağır addımlarla yeriyirdi, qapının arasından otağa nazik işıq zolağı düşürdü.
– Allah, özün kömək ol! – öz-özümə pıçıldadım. – Bu, yəqin, lənətə gəlmiş kəllə taciridir!
O, içəri girəndə cınqırımı çıxarmadan yerimdə uzanmışdım. Harpunçu bir əlində şam, o birində də adam kəlləsi tutmuşdu. Şamı döşəməyə qoyub yerdəki kisənin ipini açmağa başladı. Harpunçunun üzünü görmək arzusu ilə alışıb-yansam da, bu, mümkün deyildi, arxasını mənə tərəf çevirmişdi. Nəhayət, kisənin ipini açıb üzünü döndərdi. Ay Allah! Necə qorxunc sifəti vardı! Üzü qıpqırmızı idi, bəzi yerlərdə sarımtıl ləkələr görünürdü. Üstəlik, sifətinə iri qara kvadratlar çəkilmişdi.
«Gəl indi bu qorxulu məxluqla bir çarpayıda yat!» – ürəyimdə dedim.
Qəfildən bir balina ovçusu haqqında eşitdiklərim yadıma düşdü. Vəhşilərə əsir düşən həmin adamın üzünə müxtəlif naxışlar döymüşdülər. Fikirləşdim ki, yəqin, bu harpunçunun başına da belə bir iş gəlib.
Harpunçu hələ də məni görməmişdi. O, kisədən baltaya bənzər bir alət çıxarıb rəfə qoydu, gətirdiyi yenizelandiyalı kəlləsini isə kisəyə basdı. Sonra papağını çıxardı. Başında tük yox idi, lakin düz təpəsində quş pipiyinə oxşayan bir topa saç vardı. Başı günün altında qurudulmuş kəlləyə bənzəyirdi. Əgər bu «qurumuş kəllə» qapı ilə mənim aramda durmasaydı, güllə kimi qaçıb otaqdan çıxardım.
Harpunçu paltarlarını soyunmağa başladı. Bədəninin bəzi yerlərində də üzündəki kvadratşəkilli döymələrdən vardı. Çox güman, qarşımda dayanan adam balina ovçularının cənub dənizlərindən tutub gətirdiyi vəhşi insan idi. Yəqin, adamyeyənlərdəndir. Yoxsa niyə kəllə satsın ki?!
Sonra o, buşlatının cibindən körpə uşaq fiquruna bənzər bir şey çıxarıb buxarıya yaxınlaşdı. Həmin fiquru buxarının üstünə qoydu. Digər cibindən isə bir ovuc yonqar çıxarıb fiqurun ətrafına səpələdi. Şamı döşəmədən götürüb onun alovu ilə yonqarlara od vurdu. Əlini alova tərəf uzadıb dərhal geri çəkdi. Sonra bu hərəkətini bir neçə dəfə təkrarladı. Üz-gözünü əyərək dodağının altında nəsə mızıldandı. Görünür, yatmazdan əvvəl dua eləyirdi. Nəhayət, odu söndürüb fiquru buxarıdan götürdü və yenə buşlatının cibinə qoydu. Sonra rəfdən baltasını əlinə alıb bir ucunu yonqarın közərən qalıqlarına yaxınlaşdırdı.


Gecə duasını başa vuran harpunçu elə indicə yatağa girəcək və məni görəcəkdi. Nəsə fikirləşməli idim. Lakin necə oldusa, həmin an harpunçu rəfdən baltasını götürüb mənə tərəf cumdu. Var səsimlə çığırmağa başladım:
– Ağa! Tabut Piter! Allah xatirinə, kömək eləyin!
Harpunçu közərən baltasını başımın üstündə yellədirdi. Elə bu vaxt qapı açıldı və mehmanxana sahibi əlində şamla içəri girdi. Mən dərhal çarpayıdan sıçrayıb özümü onun üstünə atdım.
– Sakit ol, sakit ol! – Tabut Piter dedi. – Kvikeq sənə heç nə eləməz.
Sonra üzünü harpunçuya tutub dilləndi:
– Kvikeq, bu oğlan səninlə qalacaq, başa düşdün?
– Başa düşdüm, – o belə deyib əlindəki baltanı çarpayının bir az əvvəl uzandığım tərəfinə tuşlayaraq dilləndi:
– Sənin yerin buradır.
Mən yalnız indi harpunçunun əlindəkinin balta yox, iri tənbəki çubuğu olduğunu anladım. Yenə də hər ehtimala qarşı Tabut Piterə dedim:
– Ona söyləyin ki, əlindəkini məndən uzaq eləsin. Burda çubuq çəkməsin.
Kvikeq bunu eşidib dərhal «balta» sını rəfin üstünə qoydu. Sonra çarpayının lap qırağında uzandı. Bununla göstərmək istəyirdi ki, mənimlə işi yoxdur.
– Gecəniz xeyrə qalsın, ağa, – mən üzümü Tabut Piterə tutub dedim. – Hər şey qaydasındadır, siz artıq gedə bilərsiniz.
Sonra çarpayıya uzanıb yuxuya getdim.

5
Səhəri gün gözlərimi açanda özümü Kvikeqin qollarının arasında gördüm. Yəqin, gecə üşüdüyü üçün mənə sarılıb yatmışdı. Onun möhkəm qollarını özümdən kənar eləməyə çalışsam da, gücüm çatmadı.
– Kvikeq! – deyə qışqırdım.
Cavabında yalnız harpunçunun xorultusu eşidildi.
Bir neçə dəfə çağırandan sonra, nəhayət, oyandı, dərhal qollarını üstümdən çəkib yağışa düşmüş it kimi silkindi. Mənə elə diqqətlə baxmağa başladı ki, elə bil bura necə gəlib çıxdığımı bilmirdi. Sonra, çox güman, gecə baş verənləri xatırlayaraq çarpayıdan yerə sıçradı. Döşəmədə oturub tez-tələsik geyinməyə başladı. Əvvəl qunduz dərisindən olan papağını başına qoydu. Sonra döşəmənin üstündəki çəkmələrini əlinə alıb çarpayının altına girdi. Ufuldamağından ayaqqabısını güclə ayağına keçirdiyini anladım. Nəhayət, çarpayının altından çıxıb axsaya-axsaya otaqda gəzişməyə başladı. Çox güman, çəkmələri ayağını sıxırdı. Kvikeq şalvarsız halda başında xəz papaq, ayağında çəkmə otaqda o tərəf-bu tərəfə gedirdi. Çox gülməli görünürdü. Mən onu tələsdirdim ki, geyinib qurtarsın. Nəhayət, köynəyini və şalvarını da əyninə keçirdi.


Əlüzyuyana yaxınlaşıb əvvəl qollarını, boynunu, sinəsini yudu, sonra cibindən bir parça sabun çıxarıb üzünü sabunlamağa başladı. Kvikeq ülgüc əvəzinə divara söykədiyi balina ovlamaq üçün istifadə olunan harpunu əlinə alıb iti ucunu sapından ayırdı və cəld hərəkətlərlə sifətini ülgücləməyə, daha doğrusu, harpunlamağa başladı. Nəhayət, işini bitirib buşlatını geyindi, harpununu da götürüb qalib sərkərdə ədasıyla otaqdan çıxdı. Bir neçə dəqiqədən sonra mən də onun arxasınca yollandım.
Yemək otağı adamla dolu idi. Burdakı matrosların bəzilərini axşam görməmişdim, yəqin, gecə gəlmişdilər. Əksəriyyəti balina ovlayan dənizçilərdi. Əzələli bədənləri günəşdən yanıb-qaralmış, üzlərini saç-saqqal basmışdı. Bir sözlə, əsl dəniz canavarları idilər.
– Səhər yeməyi hazırdır! – nəhayət, mehmanxana sahibi dilləndi.
Uzun yemək masasının arxasında oturduq. Heç kim dinib-danışmırdı. Kvikeqsə masanın lap baş tərəfində sakitcə əyləşmişdi. Harpunu da əlində idi. Arabir harpununu çəngəl kimi irəli uzadıb masanın ortasındakı isti bifştekslərdən[10 - Bifşteks – qızardılmış mal ətindən hazırlanan yemək] birini götürürdü. Bulkaya və qəhvəyə isə gözünün ucu ilə də baxmırdı.
Səhər yeməyi başa çatandan sonra hamı qonaq otağına keçdi, mənsə ətrafı gəzib-dolaşmaq üçün mehmanxanadan çıxdım.

6
Mehmanxanaya qayıdanda qonaq otağında bircə Kvikeq qalmışdı. Buxarının qarşısındakı kətildə oturub zümzümə eləyə-eləyə cib bıçağı ilə gecə yatmamışdan əvvəl qarşısında dua oxuduğu uşaq fiqurunu yonurdu. Məni görən kimi səsini kəsdi, fiquru cibinə qoyaraq rəfdən böyük bir kitab götürüb vərəqlərini saymağa başladı. Əlliyə kimi sayıb dayandı, sonra yenə başdan başladı. Deyəsən, əllidən o tərəfə saymağı bacarmırdı.
Mən maraqla onu izləyirdim. Bu vəhşi adam nədənsə xoşuma gəlməyə başlamışdı. Bədənini örtən döymələrin arxasında mərhəmətli bir ürəyin gizləndiyinə inanırdım. İri mavi gözləri, xeyirxah baxışları vardı. Lakin üzündəki sərt cizgilər onun cəsarətli adam olduğundan xəbər verirdi.
Mən özümü elə göstərirdim ki, guya pəncərədən çölə baxıram. Əslində isə diqqətlə onu gözdən keçirirdim. Kvikeqsə mənə fikir vermirdi, bütün diqqəti kitabda idi. Səhər yeməyində harpunçunun mehmanxanadakı başqa dənizçilərə qaynayıb-qarışmadığına, hamıdan uzaq durduğuna fikir vermişdim. Qarşımda öz doğma vətənindən çox uzaq düşmüş bir adam dayandığı qənaətinə gəlmişdim. Buradakı insanların arasında o özünü az qala yadplanetli kimi hiss eləyir, bununla belə, sakitliyini və təmkinini qoruyurdu.
Biz buxarının qarşısında oturmuşduq. Bayırda bərk şaxta vardı, külək tufan qoparırdı. Kətilimi Kvikeqə yaxınlaşdıraraq söhbət eləməyə cəhd göstərdim. O, əvvəl mənə fikir vermədi, sonra qəfildən soruşdu ki, bu gecə də onunla bir otaqda qalacağam, ya yox? Başımla təsdiqləyəndən sonra nədənsə mənə elə gəldi ki, o bu cavabdan razı qaldı.
Bir qədər sonra biz artıq söhbət etməyə başlamışdıq.
– Tənbəki çəkək? – mən soruşdum.
O, cibindən tütün kisəsi ilə baltaya oxşayan tənbəki çubuğunu çıxarıb mənə uzatdı. Biz növbə ilə bu qəribə çubuğun tüstüsünü içimizə çəkib onu bir-birimizə ötürürdük. Sonra Kvikeq alnını alnıma söykəyib məni qucaqladı və dedi ki, bundan belə biz qardaşıq. Axırda isə əlavə etdi ki, əgər lazım gələrsə, mənim üçün ölümə getməyə də hazırdır.
Şam yeməyindən sonra otağımıza yollandıq. Kvikeq yenizelandiyalı kəlləsini mənə bağışladı. Əlini tütün kisəsinə salıb oradan bir ovuc gümüş sikkə çıxardı. Təxminən otuz dollara bərabər olardı. Sikkələri masanın üstünə qoyub iki bərabər hissəyə ayırdı. Sonra onlardan birini əli ilə mənə tərəf sürüşdürüb «bu sənindir» dedi. Mən etiraz eləməyə başlayanda isə pulları masadan yığıb cibimə tökdü.
Kvikeq gecə duasına hazırlaşmağa başladı. Cibindən uşaq fiqurunu çıxarıb buxarının üstünə qoydu, yonqarları da ətrafına səpələdi. Hərəkətlərindən belə başa düşdüm ki, mənim də bu mərasimə qatılmağımı istəyir. Mən yonqarları yandırdım. Uşaq fiqurunu alova yaxınlaşdırıb geri çəkdim və iki-üç dəfə ona baş əydim.
Dua mərasimi başa çatandan sonra hərəmiz çarpayının bir tərəfinə uzandıq, di gəl, yatmadıq. Çünki Kvikeq mənə öz həyatından danışmağa başlamışdı.
Dediklərindən belə məlum olmuşdu ki, o, Kokovoko adasının yerli sakinlərindəndir. Atası qəbilə başçısı, əmisi isə kahin imiş. Anası döyüşkən ailənin qızı olub. Bir sözlə, adanın adlı-sanlı nəslinin nümayəndəsidir.
Günlərin bir günü Kvikeq adaya Seq-Harbordan gəlmiş gəmiyə minib dünyanı dolaşmaq fikrinə düşür. Ancaq gəminin kapitanı buna razılıq vermir. Kvikeqsə öz qərarından dönən adamlardan deyildi. O, balaca bir qayığa minib uzaqdakı boğaza tərəf üzür. Gəmi adanı tərk eləyəndən sonra həmin boğazdan keçməli idi. Qayığı ilə birgə sahildəki yosunların arasında gizlənib gözləməyə başlayır. Gəmi gəlib oradan keçəndə qaçaraq qayığın üstünə sıçrayır. Oradan da tullanıb gəminin lövbər zəncirindən yapışır və bir göz qırpımında göyərtəyə atılır. Gəmini sahilə bərkitmək üçün istifadə olunan halqadan yapışaraq qışqırır ki, onu öldürsələr də, halqanı əlindən buraxan deyil. Gəminin kapitanı əlindəki baltanı Kvikeqin başının üstündə hərləyərək ona hədə-qorxu gəlməyə başlayır. Lakin Kvikeq gözünü də qırpmır. Onun cəsarəti kapitanın xoşuna gəlir və gəmidə qalmasına razılıq verir. Beləliklə, Kvikeq balina ovçusuna çevrilir.
Mən ehtiyatla soruşdum ki, qayıdıb öz qəbiləsinə başçılıq eləməyi düşünmürmü? Çünki atası artıq ölmüş olar. Cavabında Kvikeq dedi ki, hələlik belə bir fikri yoxdur. Yer üzündəki dörd okeanın dördünü də görmək arzusundadır və onun harpunu qəbilə başçısının əsasından daha yaxşıdır.
Balina ovlayan gəmidə işə düzəlmək istədiyimi biləndə isə dedi ki, o da mütləq mənimlə eyni gəmiyə düşəcək. Sevincək razılaşdım. Təkcə ona görə yox ki artıq Kvikeqə isinişməyə başlamışdım, həm də bu təcrübəli harpunçudan öyrənəcəyim çox şey vardı.

7
Bazar ertəsi səhər tezdən yenizelandiyalı kəlləsini yerli bərbərə bağışlayıb – ondan parik üçün qəlib düzəldirdi – mehmanxana sahibinin haqqını ödədik və körpüyə tərəf üz tutduq. «Şibyə» adlı paketbot oradan Nantaket adasına yola düşəcəkdi.
Yoldan keçən adamlar bizə maraqla tamaşa eləyirdilər. Onlara Kvikeqin zahiri görünüşündən çox, mənim bu vəhşi adamla bir yerdə addımlamağım maraqlı gəlmişdi. Lakin biz adamlara fikir vermirdik. Limana gəlib çatanda isə paketbot artıq yola düşməyə hazırlaşırdı. Gediş haqqını ödəyib gəmiyə mindik.
Çox keçmədən paketbot açıq dənizə çıxdı. Güclü külək əsirdi, bizim balaca gəmimiz suda burnundan ağ köpük çıxara-çıxara irəliləyirdi. Mən Kvikeqlə göyərtədə dayanıb duzlu dəniz havasını ciyərlərimə çəkirdim. Göyərtədəkilər bizə baxıb xısın-xısın gülürdülər. Kvikeq əvvəl onlara fikir vermədi, lakin bir qədər sonra qəfildən kişilərdən birinin yaxasından yapışıb başının üstünə qaldırdı, havada fırladaraq göyərtəyə çırpdı.
– Kapitan! Kapitan! – həmin adam özünə gələn kimi yerdən qalxıb qışqırmağa başladı. – Bir görün, bu qara iblis neyləyir!
Dorağacı kimi arıq, uzun kapitan Kvikeqə yaxınlaşıb dedi:
– Cənab, belə olmaz axı! Siz onu öldürə bilərdiniz.
– O nə deyir? – Kvikeq məndən soruşdu.
– Deyir ki, sən az qala onun adamını öldürəcəkdin.
– Mən bu balaca balığı öldürəcəkdim? – dostum üz-gözünü əyib soruşdu. – Kvikeq balaca balıq öldürmür, böyük balina öldürür.
– Lənətə gəlmiş adamyeyən! – kapitan özündən çıxdı. – Hünərin var, bir də mənim gəmimdə kiməsə barmağının ucunu toxundur!
Elə bu vaxt güclü külək yelkənləri dorağacına bağlayan kəndiri qırdı. Dorağacının üfüqi dirəklərindən biri göyərtənin üstündə sürətlə o tərəf-bu tərəfə yellənərək qarşısına keçəni vurub-yıxmağa başladı. Ardınca da Kvikeqin bir az əvvəl yerə çırpdığı adama dəyib onu göyərtədən suya saldı. Matroslar çaşıb-qalmışdılar. Bircə Kvikeq özünü itirmədi, dərhal dizləri üstə dorağacının altına tərəf süründü. Kəndirin bir ucunu əlinə keçirib falşborta[11 - Falşbort – göyərtə hasarı] bağladı, digər ucundan isə kəmənd düzəldərək başının üstündə yellənən dirəyə tərəf atdı. Dirəyi kəməndə salıb yenidən dorağacına bərkitdi. Yelkənlər tarım çəkildi. Matroslar adamı xilas eləmək üçün qayıq sallamağa macal tapmamış Kvikeq buşlatını və köynəyini çıxarıb suya tullandı. Güclü qolları ilə dalğaları yararaq adamı axtarmağa başladı. Adam suyun üzündə görünmürdü. Onda Kvikeq suyun altına dalıb bir neçə dəqiqədən sonra üzə çıxdı. İndi o, bir əli ilə üzür, digər əliylə isə adamın hərəkətsiz bədənini suyun üzündə saxlamağa çalışırdı.
Matroslar cəld suya qayıq sallayıb onları göyərtəyə çıxartdılar. Kvikeq adamı ölümdən xilas eləmişdi. Dənizçilər də, kapitan da onun əlini sıxıb «çox sağ ol» dedilər. Mənsə gəmiyə yapışan balıqqulağı kimi Kvikeqə elə bərk sarıldım ki, son ana kimi bir gün belə ondan ayrılmadım.
Bundan savayı yolda qeyri-adi hadisə baş vermədi və biz sağ-salamat Nantaket adasına gəlib çatdıq.

8
Nantaket… Xəritəni götürüb baxsanız, bu bapbalaca adanın qurudan nə qədər uzaqda olduğunu görərsiniz. Okeanın qoynundakı bu kiçik qum təpəciyinə diqqətlə baxın! Nantaketlilərin çörəyi okeandan çıxır, odur ki əkinçilərin hər gün torpağı şumladıqları kimi onlar da durmadan suların qoynunda «şırım» açırlar.
Adada Tabut Piterin bizə məsləhət gördüyü mehmanxanaya düşdük. Balıq şorbası ilə toqqanın altını yaxşıca bərkidəndən sonra otağımıza yollandıq. Yatmazdan əvvəl səhəri gün üçün plan tərtib eləməli idik. Lakin Kvikeq dedi ki, o artıq bu barədə gecələr qarşısında dua elədiyi fiqurla – Yoco ilə məsləhətləşib. Yoco bu fikirdədir ki, Kvikeq sabah otaqdan çıxmasın. Odur ki mən təkbaşına sahilə yollanıb işə düzələcəyimiz balina ovlayan gəmini seçməliyəm. Kvikeq öz tanrısına çox bel bağlayırdı. Əmin idi ki, Yoconun dediyi kimi hərəkət eləsək, heç bir çətinliklə qarşılaşmarıq.
Kvikeqin, daha doğrusu, Yoconun bu planı heç də mənim ürəyimcə deyildi. İşə düzələcəyimiz balina ovlayan gəmini seçərkən Kvikeqin təcrübəsinə ehtiyacım vardı. Axı bizim gələcək taleyimiz məhz bu gəmidən asılı idi. Lakin nə qədər etiraz eləsəm də, dostumu mənimlə sahilə gəlməyə razı sala bilmədim. Ertəsi gün isə onu öz Yocosu ilə baş-başa qoyub dəniz kənarına yollandım. Yerli sakinlərdən soraqlaşıb öyrəndim ki, üç gəmi balina ovuna çıxmağa hazırlaşır. Mən onları gözdən keçirəndən sonra «Pekod» adlı gəmini seçdim. «Pekod» bir vaxtlar Amerikanın Massaçusets ərazisində məskunlaşmış və hazırda nəsli kəsilmiş hindu qəbiləsinin adıdır.
Həyatım boyunca çox gəmi görmüşdüm, ancaq beləsinə ilk dəfə rast gəlirdim. «Pekod» – qədim dənizçilik məktəbi ənənələrinə uyğun inşa olunmuş, yanlardan enli, orta ölçülü gəmi idi. İlk baxışdanca bu gəminin okeanlarda çox tufanlardan, qasırğalardan çıxdığını anlamaq olardı. Taxta burnu elə didilmişdi ki, lap saqqala bənzəyirdi. Gəminin dorağacı, yəqin ki, ən güclü küləklərə belə mətanətlə sinə gərmişdi. Göyərtəsi qədimi kilsələrin döşəmə taxtaları kimi köhnəlib yeyilmişdi. Yerli sakinlərdən öyrəndim ki, gəminin sahibi qoca kapitan Falekdir. O, «Pekod» da əvvəl kapitan köməkçisi, sonra kapitan işləsə də, artıq öz hücrəsinə çəkilib.


Köhnə gəmi qəribə tərzdə bəzədilmişdi. «Pekod» un dörd bir tərəfindən ələ keçirilmiş qənimətlərin sümükləri asılmışdı. Gəminin göyərtəsi isə geniş açılmış heyvan çənəsini xatırladırdı. Bu «çənə»nin içini iri kaşalot[12 - Kaşalot – balinalar qrupundan məməli dəniz heyvanı] dişləri qaplamışdı. Dorağacının kəndirləri həmin dişlərə bərkidilmişdi. Bir sözlə, qeyri-adi gəmi idi!
Göyərtədə heç kim gözə dəymirdi. Elə bu vaxt gözümə dorağacının yaxınlığında qurulmuş çadırabənzər bir şey, daha doğrusu, balina bığcıqlarından hörülmüş viqvam[13 - Viqvam – Şimali Amerika hindularının ağac qabığından və ya göndən düzəltdikləri alaçıq] sataşdı. Çox güman ki, bu viqvam müvəqqəti, yalnız limanda istifadə olunmaq məqsədilə düzəldilmişdi. Viqvamın içində yaşlı bir kişi buşlatına bürünüb oturmuşdu.
– Bu gəminin kapitanı sizsiniz? – mən ona yaxınlaşıb soruşdum.
– Tutaq ki, mənəm. Nə lazımdır? – kişi dilləndi.
– İşə düzəlmək istəyirəm.
– Belə de… – kişi susdu. Bir az fikirləşəndən sonra isə əlavə etdi: – Görürəm, gəlmə adama oxşayırsan. De görüm, heç parçalanmış qayıqda üzmüsən?
– Xeyr, cənab, üzməmişəm.
– Yəqin, balina ovundan da xəbərin yoxdur?
– Yoxdur, cənab, ancaq öyrənə bilərəm. Mən ticarət gəmisində…
– Cəhənnəm olsun sənin ticarət gəmin! – kişi qəfildən əsəbiləşib sözümü ağzımda qoydu. – Bir də mənim yanımda bu sözü ağzına alma, bildin! Buna bir bax! Bəlkə, ticarət gəmisində xidmət elədiyinə görə qürrələnəsən də!
Dillənmədim. Kişi bir az sakitləşəndən sonra dedi:
– Bəs niyə birdən-birə balina ovuna çıxmaq fikrinə düşmüsən? Dəniz qulduru-zad deyilsən ki? Bəlkə, öz kapitanını qarət eləyib qaçmısan, hə?
Mən etiraz əlaməti olaraq başımı buladım.
– Yaxşı, bəs onda balina ovunda nə itin azıb? – kişi yenidən acıqlı-acıqlı soruşdu. – Səni işə götürməmişdən qabaq mütləq bu suala cavab verməlisən!
– Bilirsiniz, cənab, – mən astadan dilləndim, – həm bu işi öyrənmək, həm də dünyanı gəzib-görmək istəyirəm.
– Bəs kapitan Ahavı tanıyırsan?
– Kapitan Ahav? O kimdir?
– «Pekod» gəmisinin kapitanı.
– Mən elə bildim, bayaqdan kapitanla danışıram…
– Bəli, sən kapitanla danışırsan! Kapitan Faleklə! Başa düşdün, cavan oğlan? Amma indi mənim işim gəminin təchizatı ilə məşğul olmaqdır. Mən kapitan Vildadla birlikdə bu gəminin sahibiyəm. İndi isə gör sənə nə deyirəm, əgər balina ovu ilə məşğul olmaq istəyirsənsə, işə düzəlməmişdən əvvəl bəzi şeyləri bilməlisən. Sonra çox gec olar…
– Cənab, siz nəyi nəzərdə tutursunuz? – qorxa-qorxa soruşdum.
– Bu saat deyərəm. Kapitan Ahavı tanımaq istəyirsən? – kişi qışqırdı. – Darıxma, görən kimi tanıyacaqsan! Onun bir ayağını balina parçalayıb, tək ayağı üstə gəzir. İndi balina ovu haqqında az da olsa, təsəvvürün yarandı? Hələ də bu işlə məşğul olmaq istəyirsən, ya yox?
– Bəli, cənab.
– Çox gözəl! Yaxşı, de görüm, harpunu diri balinanın ağzına atıb sonra özün də onun dalınca tullana bilərsən?
– Bəli, cənab… Əgər bu çox vacibdirsə… – inamsızlıqla dilləndim. – Əgər, doğrudan da, bunsuz keçinmək mümkün deyilsə, onda…
– Yaxşı, bəsdir! – kişi yenə sözümü ağzımda qoydu. – Hə, deyirsən ki, balina ovunu öyrənməklə yanaşı, dünyanı da gəzib-görmək istəyirsən? Elə isə, gəminin burnuna tərəf get və planşirdən[14 - Planşir – gəmi göyərtəsinin kənarlarına vurulan tir] o tərəfə diqqətlə bax. Sonra nə gördüyünü gəlib mənə danışarsan.
Bir müddət tərəddüd içində qalıb yerimdən tərpənmədim. Bilmirdim ki, bu əmri ciddi qəbul eləyim, ya yox. Ancaq kapitan Falek zarafat eləyən adama oxşamırdı. Gözlərini qəzəblə mənə zilləyib dayanmışdı.
Əlacsız şəkildə «Pekod» un burnuna tərəf addımladım. Dalğaların qoynunda sakitcə yırğalanan gəminin burnu okeana tərəf çevrilmişdi. Planşirdən o tərəfdə mavi sulardan başqa, gözümə dəyə biləcək bir nöqtə belə yox idi.
– Hə, nə gördün? – geri qayıdan kimi kapitan Falek soruşdu.
– Heç nə. Sudan başqa nə olacaq ki! – dedim.
– Gəmidə görəcəyin də bundan artıq olmayacaq. Bəlkə, heç özünə əziyyət verib Horn burnuna[15 - Horn burnu – Odlu Torpaq arxipelaqının ən ucqar nöqtəsi. Cənubi Amerikanın cənub burnu kimi qəbul olunur.] kimi getməyəsən, dünyaya elə sahildəncə tamaşa eləyəsən, hə?
Lakin Falekin bütün bu mülahizələri məni balina ovçusu olmaq fikrimdən daşındıra bilmədi. Axırda o, qərarımın qəti olduğunu görüb dedi:
– Onda düş qabağıma, gedək, səni matrosların siyahısına salım.

9
Biz Faleklə birlikdə kapitan kayutuna düşdük. Orada qəribə bir adamla qarşılaşdıq. Məlum oldu ki, həmin şəxs kapitan Vildadın özüdür ki var. Cənab Falek kimi o da gəminin əsas sahiblərindən biri idi. Yəni «Pekod» gəmisi daha çox bu iki şəxsin mülkiyyəti sayılırdı. Düzdür, gəmidə xeyli sayda dul qadının, yetim uşağın və başqa kasıb-kusub adamların da payı vardı. Lakin bu pay o qədər kiçik idi ki, gəminin iki-üç mismarına, bir taxta lövhəsinə güclə çatardı.
Altmış yaşını haqlamış kapitan Vildad harpunçuluqdan tutmuş gəmi sahibkarlığına kimi uzun bir yol qət eləyəndən sonra dənizçiliyin daşını ataraq limana sığınmışdı. Vildad dindar adam idi, eyni zamanda xəsislikdə ad çıxarmışdı.
Biz içəri girəndə o, kresloda oturmuşdu, əynində xirtdəyinə kimi düymələdiyi qara sürtük[16 - Sürtük – uzunətəkli kişi pencəyi] vardı. Gözlüyü burnunun ucuna düşmüşdü, əlində qalın bir kitab tutmuşdu. Deyəsən, Tövrat oxuyurdu.
– Vildad! – kapitan Falek ona səsləndi. – Otuz ildir bu kitabı oxuyursan, hələ başa çıxa bilməmisən?
Vildad, görünür, həmkarının bu cür zarafatlarına alışdığından ona fikir vermədən ağır-ağır başını kitabdan qaldırdı. Məni görüb sualedici nəzərlərlə Falekə baxdı.
– Deyir ki, dənizçidir, – Falek dilləndi, – bizdə işə başlamaq istəyir. Necə bilirsən, yarayar?
– Yarayar, – Vildad məni diqqətlə süzüb dedi. Sonra yenə başını kitabın üstünə əyib dodağının altında höccələməyə davam elədi.
Kapitan Falek isə gəminin sənədlərini sandıqdan çıxarıb masanın arxasına keçdi. Mürəkkəbqabını qabağına qoyub yazmağa başladı.
Bilirdim ki, balina ovlayan gəmilərdə matroslara məvacib vermirlər. Hamı kimi onlara da ümumi qazancdan müəyyən pay düşür. Hər kəs gəmidə yerinə yetirdiyi işin müqabilində pay alır. Adətən, gəmilərdə mənim kimi yeni başlayan işçilərə ümumi qazancın təxminən iki yüz yetmiş beşdə biri qədər pay verirdilər. Bu, çox az pul eləyir, ancaq heçə lənət deyib razılaşmaq olardı. Bir də ki, üç il ərzində gəmidə havayı yeyib-içəcək, qaldığım yerə görə də pul ödəməyəcəkdim.
– Bu cavan oğlana nə qədər pay yazaq? – kapitan Falek həmkarından soruşdu.
– Dün-ya-nın ma-lı e-lə bu dün-ya-da da qa-la-caq… – Vildad ona əhəmiyyət vermədən dini kitabı höccələyirdi.
– Vildad! Deyirəm ki, bu oğlana nə qədər pay yazaq? – Falek hirslə bir də sualını təkrarladı.
– Məncə, gəlirin yeddi yüz yetmiş yeddidə bir hissəsi kifayət eləyər, – Vildad bunu deyib yenə kitaba tərəf əyildi.
– Yox, qoca, bir az artırmaq lazımdır, – Falek dedi. – Uşağı müftə işlətmək istəyirsən?
– Yeddi yüz yetmiş yeddi! – Vildad gözünü kitabdan çəkmədən rəqəmi təkrarladı.
– Dedim ki, ağ eləmə! Üç yüz yazıram. Eşidirsən, Vildad, üç yüz!
– Kapitan Falek! – Vildad hirslə kitabı örtüb qışqırdı. – Başa düşürəm, sən çox səxavətli, ürəyigeniş adamsan, ancaq yaddan çıxarma ki, bu gəmidə yetim-yesirin də payı var. İstəyirsən, onlar acından ölsün?
Bundan sonra qocalar uzun-uzadı mübahisə elədilər. Hətta iş kayutda bir-birini qovalamağa qədər gedib çıxdı. Mən artıq bu qəribə adamların gəmisində işləməyin mənasız olduğunu düşünərək qapıya tərəf addımlayırdım ki, qəfildən sakitləşib öz yerlərində oturdular.
– Cavan oğlan, – kapitan Falek mənə səsləndi, – deyəsən, adın İzmaildir, hə? Səni siyahıya yazıram. Gəlirin üç yüzdə bir hissəsi qədər pay alacaqsan.
– Kapitan, – dedim, – mənim bir dostum var, sabah onu da özümlə gətirə bilərəm?
– Gətir, baxaq, – Falek dedi.
– Bəs ona nə qədər pay verəcəksiniz?
– Bu barədə narahat olma. Dostun balina ovundan baş çıxarır?
– İndiyə qədər o qədər balina ovlayıb ki, saymaqla bitməz!

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/german-melvill/mobi-dik-68289889/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes
Примечания

1
Bosman – gəmidə kiçik komanda heyətinə rəhbərlik edən şəxs

2
Takelaj – yelkənləri dorağacına bağlayan kəndir

3
Kok – gəmi aşpazı

4
Matros – hərbi-dəniz donanmasında komanda heyətinə mənsub olmayan sıravi xidmətçi; mülki donanmada adi dənizçi

5
Penni – İngiltərə və Finlandiyada xırda pul

6
Nyu-Bedford – ABŞ-ın Massaçusets ştatında şəhər

7
Paketbot – poçt-sərnişin gəmisi

8
Harpun – dəniz heyvanlarını ovlamaq üçün nizə

9
Buşlat – dənizçi kürkü

10
Bifşteks – qızardılmış mal ətindən hazırlanan yemək

11
Falşbort – göyərtə hasarı

12
Kaşalot – balinalar qrupundan məməli dəniz heyvanı

13
Viqvam – Şimali Amerika hindularının ağac qabığından və ya göndən düzəltdikləri alaçıq

14
Planşir – gəmi göyərtəsinin kənarlarına vurulan tir

15
Horn burnu – Odlu Torpaq arxipelaqının ən ucqar nöqtəsi. Cənubi Amerikanın cənub burnu kimi qəbul olunur.

16
Sürtük – uzunətəkli kişi pencəyi
Mobi-Dik Герман Мелвилл

Герман Мелвилл

Тип: электронная книга

Жанр: Классическая проза

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Mobi-Dik, электронная книга автора Герман Мелвилл на азербайджанском языке, в жанре классическая проза

  • Добавить отзыв