80 gün dünya ətrafında

80 gün dünya ətrafında
Jül Vern
Dünya ədəbiyyatından seçmələr
Londondakı «Reform» adlı klubun üzvü Fileas Foq dostları ilə dünyanı 80 gün ərzində dövr edəcəyinə dair mərc gəlir və bununla da heyrətamiz bir hekayə başlayır…


Jül Vern
80 gün dünya ətrafında


© Altun kitab MMC – 2020
www.altunkitab.az (http://www.altunkitab.az/)

1
Londonun Sevill-rou küçəsindəki 7 nömrəli evdə Fileas Foq adlı bir centlmen[1 - Centlmen – kübar cəmiyyətin nəzakət qaydalarına və əxlaq normalarına ciddi riayət edən kişi] yaşayırdı. Hamı onu alicənab və nəzakətli adam kimi tanıyırdı. Zahiri görünüşü Bayronu[2 - İngilis şairi Corc Bayron (1788–1824) nəzərdə tutulur.] xatırlatsa da, ondan daha hündürboy idi. Hə, bir də, Bayrondan fərqli olaraq səliqə ilə vurulmuş uzun bakenbardları[3 - Bakenbard – kişilərdə gicgahdan çənəyə kimi uzanan yarımsaqqal] və bığı vardı.
Cənab Foq elə sakit və təmkinli adam idi ki, deyərdin, min il yaşasa da, qocalmaz! Bir sözlə, qüsursuz centlmen idi! Di gəl, Londonda heç kim bu cənab haqqında ətraflı heç nə bilmirdi. O özü haqqında danışmağı sevməz, ümumiyyətlə, nadir hallarda ağzını açıb bir söz deyərdi. Bu cənabın nə ailəsi vardı, nə də yaxın dostları. O nə tacir idi, nə də sahibkar; heç torpaq sahibi də deyildi. Lakin pulu çox idi. İnsanlar onun bu sərvəti necə qazandığını bilmirdilər. Heç bir cəmiyyətə üzv olmasa da, xeyriyyə işlərindən qətiyyən boyun qaçırmazdı. Fileas Foq haqqında adamlara məlum olan bircə şey vardı ki, bu da onun «Reform» klubuna üzv olması idi.
Cənab Foq Sevill-roudakı evində tək yaşayırdı; indiyəcən onun özündən və lakeyi[4 - Lakey – nökər] Ceyms Forsterdən başqa bu evin kandarından içəri ayaq basan olmamışdı.
Bu centlmen dünya xəritəsini əzbər bilirdi desək, yəqin ki, yanılmarıq. Yer kürəsinin ən ucqar nöqtələri haqqında belə məlumatı vardı. Kənardan baxanlara elə gəlirdi ki, Fileas Foq bütün dünyanı gəzib-dolaşıb. Halbuki uzun illərdən bəri onun Londondan qırağa çıxdığını görən olmamışdı. Şəhəri tərk etməməsi bir yana, cənab Foq hətta yolunu da dəyişməzdi: hər gün eyni vaxtda eyni yolla evdən kluba, klubdan evə gedib-gələrdi.
Bəli, bu cənabın bütün hərəkətləri riyazi dəqiqliklə ölçülüb-biçilmişdi. O hər səhər düz saat 8-də yuxudan durur, 9-a 23 dəqiqə işləmiş çay və qızardılmış çörəkdən ibarət səhər yeməyini yeyirdi. 9-a 23 dəqiqə qalmış nökəri Ceyms ona üzünü taraş etməsi üçün isti su gətirirdi. Cənab Foq 9-a 20 dəqiqə qalmış taraş olmağa başlayır, sonra yuyunur, ardınca əynini geyinirdi. Saat 12-nin yarısında evdən çıxır, Londonun ən məşhur klublarından biri olan «Reform» a yollanır və bütün gününü orada keçirirdi. Evə bir də gecə saat 12-də qayıdırdı.
Bu centlmen uzun illər məhz belə yaşamışdı. Lakin günlərin bir günü, daha dəqiq desək, 1872-ci il oktyabr ayının 2-də Fileas Foqun həyatında mühüm dəyişiklik baş verdi. O, nökəri Ceymsi işdən qovdu. Çünki həmin gün Ceyms ağasının üzünü taraş etmək üçün istədiyi suyu səksən altı dərəcəyə qədər qızdırmalı olduğu halda vur-tut səksən dörd dərəcəyə kimi isitmişdi! Cənab Foq bu cür qeyri-dəqiqliyə əsla göz yuma bilməzdi! Ceyms etiraz etməyin mənasız olduğunu yaxşı bilirdi, odur ki öz yerinə başqa birini tapıb ağasının yanına gətirdi.
Həmin vaxt Fileas Foq kresloda oturub gözünü saata dikmişdi. Divardan asılmış bu mürəkkəb mexanizm təkcə günün saatlarını, dəqiqələrini, saniyələrini deyil, həftənin günlərini, ayın tarixini də göstərirdi. Bu zaman kiçik qonaq otağının qapısı döyüldü. Çox keçmədi ki, Foqun bu gün işdən çıxardığı Ceyms qapının ağzında göründü.
– Yeni lakeyiniz! – Ceyms təntənəli şəkildə elan elədi. Ardınca da otuz yaşlarında cavan bir oğlan içəri girib salam verdi.
– Siz fransızsınız, adınız da Condur, düzdür? – cənab Foq soruşdu.
– Adım Con yox, Jandır, müsyö, – yeni lakey dilləndi. – Ləqəbim də Paspartu[5 - Bu söz fransızcadan tərcümədə «hər şeyin içindən keçib-gedə bilən», «hər şəraitə uyğunlaşan» mənasına gəlir.]. Bu ləqəb mənim boyuma biçilib desəm, yəqin ki, yanılmaram. İstənilən halda sudan quru çıxmağı bacarıram. Mən dürüst adamam, müsyö, odur ki indiyə kimi çox peşə dəyişdirdiyimi sizdən gizlətməyəcəyəm. Səyyar müğənni, sirkdə akrobat, gimnastika müəllimi, hətta Parisdə yanğınsöndürən də işləmişəm. Beş il əvvəl Fransadan İngiltərəyə köçəndən sonra isə evlərdə lakeylik eləməyə başladım. Eşidəndə ki bütün İngiltərənin ən dəqiq və səliqəli centlmeni özünə lakey axtarır, bəxtimi sınamaq istədim.
– Sizi mənə tövsiyə eləyən şəxs haqqınızda müsbət fikirdədir. Bəs şərtlərimi bilirsiniz?
– Bəli, müsyö.
– Yaxşı, deyin görüm, indi saat neçədir?
– 12-yə 25 dəqiqə işləyib, – Paspartu cəld jiletinin cibindən iri gümüş saatını çıxarıb baxaraq dedi.
– Sizin saatınız geri qalır.
– Üzr istəyirəm, müsyö, amma bu, mümkün deyil.
– Düz dörd dəqiqə! – cənab Foq qətiyyətlə dilləndi. – Lakin eybi yoxdur. Deməli belə, 2 oktyabr 1872-ci il saat 11:29-dan etibarən siz mənə xidmət eləməyə başlayırsınız.
Fileas Foq bunu deyib şlyapasını başına qoydu və evdən çıxdı. Həmin vaxt saatın əqrəbləri düz 12-nin yarısını göstərirdi.

2
Cənab Foq gedəndən sonra lakey evdə tək qaldı. Bu şən, gülərüz, ürəyiaçıq oğlanın mavi gözləri, iri dodaqları, toppuş yanaqları vardı. Cod, pırpız saçlarına daraq batmırdı. Danışanda az qala üzünün bütün əzələləri oynayırdı. Görəsən, bu çılğın fransız təmkinli, dəqiq və tələbkar ingilisə yaxşı lakey ola biləcəkdimi?
Bunu indidən demək çətin idi. Ancaq bir şey məlumdu ki, lap yeniyetmə yaşlarından sərgərdan həyat keçirən Paspartu artıq sakitlik arzusunda idi. Elə bu səbəbdən də təmkinli və soyuqqanlı insanların yaşadığı İngiltərəyə üz tutmuşdu. Lakin indiyə kimi evində qulluq elədiyi insanlar ürəyincə olmamışdı. Ona görə də Fileas Foqun özünə lakey axtardığını eşidəndə Paspartu çox sevinmişdi. Bilirdi ki, bu adam evindən başqa heç yerdə gecələmir, səyahətə çıxmır, səs-küylü məclisləri xoşlamır, özü qonaq getmir, heç kimi də qonaq çağırmır. Bir sözlə, Paspartu, nəhayət ki, arzuladığı evə gəlib çıxmışdı. Hər halda, o belə fikirləşirdi…
Foq gedəndən sonra lakey evi gözdən keçirməyə başladı. Çardaqdan tutmuş zirzəmiyə kimi hər yerə baxdı. Təmiz, səliqə-sahmanlı, yaxşı təchiz olunmuş ev idi, buna söz ola bilməzdi. Ev Paspartunun ürəyinə yatdı. Üçüncü mərtəbədəki otaqlardan biri onun üçün ayrılmışdı. Elektrik zəngi və xüsusi dəstək vasitəsilə bu otaqla digər otaqların arasında əlaqə yaradılmışdı. Bundan başqa, onun görəcəyi işlərin siyahısı səliqə ilə yazılıb buxarının yanındakı divardan asılmışdı: saat 08:23-də çayla qızardılmış çörəkdən ibarət səhər yeməyi hazır olmalı idi, 08:37-də Foqa üzünü taraş etməsi üçün isti su verməli idi və s.

3
Fileas Foq evdən çıxıb birbaş «Reform» klubuna gəldi. Klubun restoranına keçərək qəlyanaltı etmək üçün hər zaman oturduğu masanın arxasında əyləşdi. Restoranın pəncərələri əsrarəngiz parka açılırdı, ağacların saralan yarpaqları qızıl payızdan xəbər verirdi. Foqun qəlyanaltısı buxarda bişmiş balıq, göbələk souslu rostbif[6 - Rostbif – ingilis mətbəxinə aid ət yeməyi], bir dilim pendir və bir neçə fincan çaydan ibarət idi.
Saat 12:47-də bizim centlmen toqqasının altını bərkidəndən sonra ayağa qalxıb klubun böyük salonuna tərəf getdi. Bahalı çərçivələrə salınmış boyakarlıq nümunələri arasında qəzet-jurnal oxumağın ayrı bir ləzzəti vardı. O, düz 3 saat 45 dəqiqə mütaliədən sonra nahar eləmək üçün yenidən klubun restoranına keçdi. Cənab Foqun naharı qəlyanaltıdan çox da fərqlənmirdi, yalnız Britaniya kral sousunu nəzərə almasaq…
Yarım saat sonra Foqla yanaşı, «Reform» klubunun daha bir neçə üzvü salondakı buxarının yanında toplaşmışdı. Bu centlmenlər də Foq kimi vist[7 - Vist – komanda şəklində oynanan kart oyunu] oyununun böyük aludəçisi idilər. Onların hamısı varlı-hallı adamlar idi: mühəndis Endryu Stüart, bankirlər Con Selliven, Semuel Fallenten, pivə müəssisəsinin sahibi Tomas Fleneqan və İngiltərə bankının inzibatçısı Qotye Ralf.
– Ralf, deyin görək, bugünkü qarət haqqında şəhərdə nə söz-söhbət gəzir? – cənab Fleneqan bank inzibatçısından soruşdu.
– Çətin ki, bank həmin pulları geri qaytara bilsin, – mühəndis Stüart Ralfı qabaqlayaraq dedi.
– Xeyr, cənablar! – Ralf etiraz elədi. – Biz qarətçini tapacağıq. Artıq polis idarəsi ən çevik və bacarıqlı xəfiyyələrini Avropanın, Asiyanın, Amerikanın bütün əsas liman şəhərlərinə göndərib.
Haqqında danışılan hadisə üç gün əvvəl baş vermişdi. Sentyabrın 29-da İngiltərə bankının xəzinəsindən nə az, nə çox, düz 55 min funt-sterlinq[8 - Funt-sterlinq və ya funt – Böyük Britaniyada pul vahidi] oğurlanmışdı. İngiltərə bankı oğrunu tutan xəfiyyəyə iki min funt-sterlinq və oğurlanmış pulun beş faizi məbləğində mükafat vəd eləmişdi.
Qəzetlərin yazdığına görə, oğru kriminal dairələrə xas zahiri görünüşə malik deyilmiş. O, səliqəli geyinibmiş və əsl centlmen təsiri bağışlayırmış. Oğrunun əlamətləri təcili şəkildə bütün xəfiyyələrə çatdırılmışdı.
Bank inzibatçısı Ralf onu da qeyd elədi ki, mükafatın məbləğinin yüksək olması xəfiyyələrin oğrunu tezliklə ələ keçirəcəyini deməyə əsas verir. Lakin Stüart məsələyə onun qədər nikbinliklə yanaşmırdı.
– Məncə, oğrunun qaçmaq şansı çoxdur, – o dedi.
Centlmenlər söhbətə artıq vist oynaya-oynaya davam eləyirdilər.
– Yaxşı, bəs, sizcə, o harada gizlənə bilər? – Ralf soruşdu.
– Bilmək olmaz, dünya böyükdür, – Stüart dilləndi.
– Bəli, nə vaxtsa dünya böyük idi… – bunu deyən cənab Foq idi.
– Necə yəni, nə vaxtsa? – Stüart etiraz elədi.
– Mən də cənab Foqla razıyam, – Ralf dedi. – İndi dünyanı yüz il əvvəlkinə nisbətdə on dəfə daha tez dövrə vurmaq olar. Yəni üç aya!
– Yox, cəmi səksən günə! – Fileas Foq qətiyyətlə dilləndi.
– Cənablar, – bankir Selliven sözə qarışdı, – əslində, aparılan hesablamalara görə, bu, mümkündür. Ancaq bir şərtlə ki, Rotalla Allahabad arasındakı Böyük Hind Dəmiryolu xətti açıq olsun[9 - Sözügedən dəmiryolu xətti əsərdəki hadisələrin cərəyan etdiyi tarixdən bir qədər əvvəl – 1870-ci ildə istismara verilsə də, həmin vaxt hələ tam şəkildə fəaliyyət göstərmirdi.]. Gəlin hesablayaq: Londondan Süveyşədək qatarla və gəmi ilə yeddi günə getmək olar. Süveyşdən Bombeyə gəmi ilə on üç gün, oradan Kəlkətəyə qatarla üç gün çəkir. Kəlkətədən Honqkonqa gəmi ilə on üç günlük yoldur. Honqkonqdan Yokohamaya gəmi ilə altı günə, oradan isə San-Fransiskoya iyirmi iki günə çatmaq mümkündür. San-Fransiskodan Nyu-Yorka qatarla getmək üçün yeddi gün, oradan Liverpula gəmi ilə, Londona isə qatarla vur-tut doqquz gün tələb olunur. Beləliklə, cəmi səksən günə səyahət tamamlanır!


– Elədir ki var, – Stüart dedi. – Lakin, çox güman ki, bu hesablamanı aparanlar hava şəraitini, gəmi qəzalarını, dəmiryolu relslərinin sıradan çıxmasını nəzərə almayıblar.
– Hamısı nəzərə alınıb, – Foq dedi.
– Yaxşı, bəs hinduların qatarlara hücumu necə? – Stüart istehza ilə soruşdu.
– Dedim axı, hər şey nəzərə alınıb, – Foq bu sözləri sakit səslə təkrarlayandan sonra əlindəki kartları açıb göstərdi və ortaya iki kozır[10 - Kozır – kart oyununda oyunçulara ən yüksək xal qazandıran kartlar] atdı.
– Nəzəri cəhətdən, bəlkə də, siz haqlısınız, – Stüart yerdəki bütün kartları toplayıb dedi, – amma praktikada…
– Praktiki olaraq da haqlıyam, cənab Stüart, – Foq dilləndi.
– Sizin bunu praktikada necə həyata keçirdiyinizi öz gözlərimlə görmək istərdim.
– Buyurun, birlikdə sınaqdan keçirək, – Foq dedi.
– İşim-gücüm qurtarmışdı, – Stüart istehza ilə güldü. – Lakin dörd min funtdan mərc gələ bilərəm ki, bu, mümkün deyil!
– Tamamilə mümkündür.
– Onda sizə bunu reallaşdırmağı təklif edirəm!
– Səksən günə dünyanı dövr eləməyi?
– Bəli.
– Məmnuniyyətlə.
– Nə vaxt?
– Elə bu saat.
– Bu ki ağılsızlıqdır! – Stüart əsəbiləşdi. Cənab Foqun hazırcavablığı onu özündən çıxarmışdı. Bir az fikirləşəndən sonra isə dilləndi: – Yaxşı, qoy siz deyən olsun. Mən dörd min funt qoyuram.
– Əzizim Stüart, özünüzü ələ alın, bu ki ciddi söhbət deyil, – bankir Fallenten dözməyib söhbətə qarışdı.
– Mən mərc gəlirəmsə, deməli, ciddidir, – Stüart pörtmüş halda dilləndi.
– Razıyam! – Foq dedi. – Mənim Berinq qardaşlarının bankında iyirmi min funtum var.
– Bu ki yarım milyon frank deməkdir! – Selliven qışqırdı. – Siz bu qədər pulu təhlükəyə atırsınız? Yox, yəqin, zarafat eləyirsiniz.
– Əsl ingilis belə ciddi məsələlərdə heç vaxt zarafat eləməz. Mən iyirmi min funtdan mərc gəlirəm ki, səksən günə, bəlkə, bir az da tez dünyanı dövr eləyəcəyəm. Mərci kim kəsəcək?
– Biz! – vist masasının arxasındakılar bir ağızdan dilləndilər.
– Yaxşı, – Foq dedi. – Duvra gedən qatar saat 20:45-də yola düşür. Mən o qatara yetişməliyəm.
– Elə bu axşam? – Stüart təəccüblə soruşdu.
– Bəli, məhz indi.
Sonra Foq cib təqviminə baxıb dedi:
– Beləliklə, mən oktyabrın 2-i çərşənbə günü yola düşürəm. Əgər dekabrın 21-i şənbə günü saat 20:45-ə kimi Londona qayıtmasam, Berinq qardaşlarının bankındakı 20 min funt-sterlinq qanuni şəkildə sizə çatacaq, cənablar.
Mərc kəsildi və altı şəxsin imzası ilə rəsmiləşdirildi. Foq soyuqqanlılığını qoruyub saxlayırdı, qalanları isə, əksinə, çox həyəcanlı görünürdülər.
Saat 7-ni vurdu. Foqa məsləhət gördülər ki, oyunu dayandırsın və səyahətə hazırlaşsın.
– Mən həmişə hazıram, – cənab Foq tövrünü pozmadan dilləndi.

4
Fileas Foq saat 19:25-də «Reform» klubundan çıxıb evə yollandı. O, evə girəndə saatın əqrəbləri 19:50-ni göstərirdi. Ev sahibinin gündəlik cədvəlini artıq əzbərləmiş Paspartu Foqu görəndə çox təəccübləndi. Axı o bilirdi ki, son dərəcə dəqiq insan olan bu cənab evinə hər gün gecəyarısı qayıdır.
Cənab Foq öz otağına keçib lakeyə səsləndi:
– Paspartu!
Lakeyin, necə deyərlər, tükü də tərpənmədi. Çünki xidmət saatına hələ çox vardı.
– Paspartu! – cənab Foq yenidən onu çağırdı.
Bu dəfə Paspartu əlacsız yerindən qalxıb onun otağına tərəf yollandı.
– Mən artıq ikinci dəfədir ki, sizi çağırıram, – Foq dedi.
– Hələ gecəyarısına çox var, – Paspartu əlində tutduğu saata baxaraq dedi.
– Bilirəm, – Foq dilləndi. – Elə ona görə də sizə irad tutmuram. On dəqiqədən sonra biz Duvra yola düşəcəyik. Oradan da Kaleyə.
Paspartunun üzündəki ifadədən hiss olundu ki, eşitdiklərinə inanmır.
– Müsyö gedir? – o, təəccüblə soruşdu.
– Bəli, – Foq sakit səslə cavab verdi. – Biz dünya səyahətinə çıxırıq.
Paspartunun bu dəfə gözləri lap kəlləsinə çıxdı.
– Dünya səyahətinə?!
– Səksən günlük, – Foq sakitcə dilləndi. – Odur ki bir saniyə də vaxt itirə bilmərik.
– Bəs çamadanımızı yığmayacağıq?
– Çamadana ehtiyac yoxdur. Yol çantası kifayət edər. İçinə bir-iki köynək, üç-dörd cüt corab qoyun, vəssalam. Qalan şeyləri yoldan alarıq. Əyninizə rahat paltar geyinin. Hə, makintoşumla[11 - Makintoş – su keçirməyən parçadan tikilmiş plaş] qalın şərfimi də götürün. Cəld olun.
Paspartunun deyilənlərə əməl eləməkdən başqa çarəsi qalmadı. O öz otağına gedib taqətsiz halda stula çökdü. Sonra qalxıb deyinə-deyinə yola hazırlıq görməyə başladı: «Belə olmaz, bu lap ağ oldu. Guya bu evdə sakit həyat sürəcəkdim. Necə yəni, səksən günə bütün dünyanı gəzəcəyik?! Bu cənabın ağlı yerindədir, ya yox? Yoxsa mənimlə zarafat eləyir?»
Lakey bir az sakitləşəndən sonra yenə öz-özünə danışmağa başladı: «O necə dedi, əvvəl Duvra, oradan da Kaleyə? Kaleyə gediriksə, yəqin, Parisə də baş çəkərik. Beş ildir Fransaya ayağım dəymir, heç olmasa, vətənimi görərəm».


Paspartu cənab Foqun əşyalarını bir sakvoyaja[12 - Sakvoyaj – ağzı kip bağlanan yol çantası] yığaraq özünə də bir-iki dəyişəcək götürüb saat 8 tamamda ağasının yanına yollandı. Ev sahibi artıq yola çıxmağa hazır idi. O, əlində Corc Bredşounun «Dəmiryolları üzrə bələdçi» kitabını tutmuşdu. Bu kitabla bütün dünyanı gəzib-dolaşmaq mümkün idi. Foq lakeyin əlindən yol çantasını alıb ağzını açdı. Bir dəstə təptəzə əsginası çantaya qoyub soruşdu:
– Heç nə yaddan çıxmadı ki?
– Xeyr, müsyö, – Paspartu cavab verdi.
– Çantadan muğayat olun. Orada iyirmi min funt var.
Lakeyin yenə təəccübdən gözləri bərələ qaldı. Az qaldı çantanı əlindən yerə salsın.


Dilican[13 - Dilican – dördtəkərli poçt və ya minik arabası] stansiyası Fileas Foqun yaşadığı küçənin başında idi. Cənab Foqla lakeyi bir arabaya oturub vağzala yollandılar. 9-a 20 dəqiqə işləmiş araba vağzalın qarşısında dayandı. Foq lakeyindən xahiş elədi ki, Parisə, birincidərəcəli vaqona iki bilet alsın. Centlmen bu sözləri söyləyəndən sonra mərc gəldiyi centlmenlərin yaxınlıqda dayanıb onları izlədiyini gördü.
– Cənablar, mən gedirəm, – Foq dedi. – Qayıdandan sonra hansı ölkələrdə olduğumu pasportuma vurulan viza möhürlərindən anlaya bilərsiniz.
– Buna ehtiyac yoxdur, cənab Foq! – dostlarından biri dilləndi. – Biz sizin necə dürüst centlmen olduğunuzu bilirik.
– Lap yaxşı, – Foq dedi. – Düz səksən gündən sonra – 21 dekabr 1872-ci il şənbə günü 9-a 15 dəqiqə qalmış görüşənədək! Salamat qalın, cənablar!
Saat 9-a 20 dəqiqə qalmış Fileas Foqla onun lakeyi artıq öz kupelərində oturmuşdular. Beş dəqiqə sonra fit səsi eşidildi və qatar yerindən tərpəndi.
Hava qaralmışdı. Narın yağış damlaları vaqonun pəncərəsini döyəcləyirdi. Qatar hələ Saydenhemi keçməmiş Paspartu qəfildən qışqırdı.
– Sizə nə olub? – Foq soruşdu.
– Mən, mən… – Paspartu kəkələməyə başladı. – Tələsdiyimdən unutdum…
– Nəyi?
– Otağımdakı qaz lampasını söndürməyi…
– Nə etmək olar, – Foq sakit səslə dedi. – Deməli, biz qayıdana kimi lampa sizin hesabınıza yanacaq.

5
Cənab Foq Londonu tərk edərkən təsəvvürünə də gətirməzdi ki, onun səfəri bu qədər səs-küy doğuracaq. Mərclə bağlı söz-söhbət əvvəl «Reform» klubunda yayıldı, sonradan isə qəzet səhifələrinə yol açdı. Tezliklə Birləşmiş Krallığın hər yerində bu barədə danışmağa başladılar. Adamların çoxu centlmenin səksən gündə dünyanı dövr edəcəyinə inanmırdı.
Oktyabrın 7-də «Kral Coğrafiya Cəmiyyəti» nin xəbərlərində uzun bir məqalə dərc olundu. Məqalədə yazılanların hamısı bizim səyyahın əleyhinə idi. Coğrafiyaşünaslar bu fikirdə idilər ki, səksən gündə dünyanı dolanmaq üçün bütün nəqliyyat vasitələrinin – qatarların, gəmilərin çatma və yoladüşmə vaxtı bir-birinə uyğun gəlməlidir. Bu isə qeyri-mümkün idi. Üstəlik, texniki problemlər, əlverişsiz hava şəraiti də səyahətçiyə əngəl yarada bilərdi.
Tezliklə təkcə «Reform» klubunun üzvləri deyil, digər cənablar da Foqun səyahəti ilə bağlı bəhsə girişdilər. Adamlar cıdır yarışlarına pul qoyurmuşlar kimi cənab Foqun səksən günə səyahətini başa vurub-vurmayacağı ilə bağlı mərc gəlirdilər. Əgər centlmen yenicə yola çıxdığı vaxt onun səyahətini uğurla başa vuracağına pul qoyanlar daha çox idisə, məlum məqalədən sonra buna inanmayanların sayı dəfələrlə artdı. Beləliklə, artıq əksəriyyət Foqun mərci uduzacağına inanmağa başlamışdı.
Həmin günlərdə qəribə hadisə baş verdi: Fiks adlı xəfiyyə Skotlend-pleys Mərkəzi Polis İdarəsinin rəisindən teleqraf aldı. Teleqrafda bank oğurluğu ilə bağlı əsas şübhəlinin əlamətləri təsvir olunmuşdu. Çox keçmədən Londona teleqrafla aşağıdakı məlumat göndərildi:

Süveyşdən Londona. Skotlend-pleys Mərkəzi Polis İdarəsinin rəisi Rouenə.
Mən ingilis bankını qarət etmiş şəxsin – Fileas Foqun izinə düşmüşəm. Təcili həbs qərarını Bombeyə (Britaniya Hindistanı) göndərin.

İmza: polis xəfiyyəsi Fiks

Bu teleqram Londona çatar-çatmaz hər şey dəyişdi: artıq hörmətli centlmen getmiş, onun yerini İngiltərə bankını qarət eləmiş oğru tutmuşdu. Cənab Foqun qapalı həyat tərzi keçirməsi də ondan şübhələnməyə əsas verirdi.

6
Bu məlumat aşağıda haqqında bəhs olunan hadisədən sonra hazırlanmışdı. Beləliklə, «Monqolustan» adlı gəminin oktyabrın 9-da çərşənbə günü səhər saat 11-də Süveyş limanına gəlib çatması gözlənilirdi. Bu beş yüz at gücünə malik üç göyərtədən ibarət sürətli gəmi Süveyş kanalından keçməklə Brindisi ilə Bombey arasında müntəzəm səfərlər edirdi. Saatda 10 mil[14 - Mil – ingilis ölçü sistemində 1609,34 metrə bərabər uzunluq vahidi] sürətlə üzən «Monqolustan» çox zaman mənzilbaşına nəzərdə tutulan vaxtdan da tez çatırdı.
Sahildə iki kişi gəminin gəlişini səbirsizliklə gözləyirdi. Onlardan biri ingilis konsulu idi. Konsul Birləşmiş Krallıq gəmilərinin Süveyş kanalından necə keçib-getdiyinə nəzarət eləyirdi.
Arıq, alçaqboy, üzündən əsəbilik yağan ikinci şəxs isə qaşlarını çataraq hövsələsiz adamlar kimi yerində dayana bilmir, limanda var-gəl eləyirdi. Bu itibaxışlı adamın uzun kirpiklərinin arasından gözləri bir cüt qara muncuq kimi parıldayırdı. O, ingilis polis xəfiyyəsi cənab Fiks idi. Xəfiyyəni Süveyşə İngiltərə bankında baş vermiş qarət hadisəsi ilə bağlı göndərmişdilər. Ona tapşırıq verilmişdi ki, gözünə şübhəli dəyən hər kəsi təqib etsin.
– Cənab konsul, deyirsiniz ki, gəmi gecikməz, düzdür? – o, limandakı digər kişiyə yaxınlaşıb soruşdu.
– Bizdə olan məlumata görə, «Monqolustan» gəmisi dünən Port-Səid yaxınlığındakı açıq dənizdə görünüb. Oradan Süveyş kanalı ilə 160 kilometr məsafəni qət eləmək isə bu gəmi üçün heç nədir. Odur ki narahat olmayın, indilərdə gəlib çıxar. Siz mənə deyin görüm, oğru «Monqolustan»ın göyərtəsində olsa belə, onu necə tanıyacaqsınız?
– Cənab konsul, mən həyatım boyu çox oğru görmüşəm, onu yüz metrdən belə seçə bilərəm. Əgər bu adam gəminin göyərtəsində olsa, əlimdən heç yerə qurtula bilməyəcək! Düzdür, oğru alicənab centlmendən fərqlənmir. Lakin belə şeylərlə mənim gözümə kül üfürmək olmaz!
Çox keçmədən limandakı adamların sayı artmağa başladı: dənizçilər, tacirlər, fəllahlar[15 - Fəllah – ərəb ölkələrində əkinçiliklə məşğul olan, oturaq həyat tərzi keçirən kəndli], hamballar bura toplaşıb gəminin gəlib çıxmasını gözləyirdilər. Yarım saat sonra qulaqbatırıcı fit səsi eşidildi. Bir dəstə hambal körpüyə tərəf götürüldü. Onlarla qayıq «Monqolustan» gəmisini qarşılamaq üçün sahildən aralandı. Tezliklə gəminin nəhəng gövdəsi göründü. Göyərtədə xeyli sərnişin vardı.
Fiks sahildə dayanıb iti nəzərlərlə sərnişinləri gözdən keçirirdi. Elə bu vaxt onlardan biri ətrafını bürümüş hambalları cəld hərəkətlə itələyərək xəfiyyəyə yaxınlaşdı. Əlindəki pasportu göstərərək ingilis konsulluğunun yerini soruşdu. Dedi ki, pasporta viza möhürü vurdurmalıdır.
Fiks pasportu alıb baxdı. Buradakı bütün məlumatlar polis rəisinin ona göndərdiyi əlamətlərlə üst-üstə düşürdü.
– Bu sizin pasportunuzdur? – xəfiyyə soruşdu.
– Xeyr, cənab Fileas Foqundur. Mən onun yanında qulluq eləyirəm.
– Bəs o özü haradadır?
– Göyərtədə qaldı.
– Viza möhürü vurdurmaq üçün o özü şəxsən konsulluğa müraciət eləməlidir.
– Bəs konsulluq harada yerləşir? – sərnişin bir də soruşdu.
– Meydanın o biri başında, – xəfiyyə əli ilə yüz metr aralıdakı binanı nişan verib dedi.
– Onda gedib ağama xəbər verim, – sərnişin bunu deyib gəmiyə tərəf qaçdı.

7
Cənab Fiks tez özünü konsulluğa yetirdi. Konsul artıq öz otağında idi. Xəfiyyə içəri girən kimi dedi:
– Cənab konsul, axtardığımız şəxsin «Monqolustan» gəmisinin göyərtəsində olduğunu söyləmək üçün əlimdə əsas var.
Sonra baş verənləri yerli-yataqlı konsula danışdı.
– Çox gözəl, cənab Fiks! – konsul dedi.
– Siz də bilirsiniz ki, belə dələduzların sənədləri həmişə qaydasında olur. Bəs necə, diqqəti cəlb eləmək istəmirlər axı! Lakin ümid edirəm ki, siz ona mane olacaqsınız.
– Əgər sənədləri qaydasındadırsa, buna ixtiyarım çatmır, – konsul başını buladı. – Viza verməyə məcburam.
– Londondan həbs qərarı gələnə kimi bu adamı ləngitməliyəm, odur ki gərək köməyinizi əsirgəməyəsiniz, – Fiks onu yola gətirməyə çalışırdı.
– Bu sizin öz işinizdir, – konsul qətiyyətlə etiraz elədi.
Elə bu vaxt qapı döyüldü və Fileas Foqla lakeyi içəri girdilər. Cənab Foq pasportunu konsula uzadaraq ondan xahiş etdi ki, viza möhürü vursun. Konsul pasportu diqqətlə gözdən keçirdiyi vaxt otağın bir küncündə gizlənmiş Fiks lakeylə sahibini diqqətlə süzürdü.
– Deməli, siz eskvayr[16 - Eskvayr – Böyük Britaniyada zadəgan titulu] Fileas Foqsunuz? – konsul, nəhayət, dilləndi.
– Bəli, cənab, – Foq dedi.
– Bu da sizin nökərinizdir?
– Bəli, adı da Paspartudur.
– Siz Londondan gəlirsiniz?
– Bəli.
– Bəs yolunuz haradır?
– Bombeyə.
– Yaxşı, cənab. Bəs sizə məlumdur ki, artıq viza üçün müraciət tamamilə gərəksiz rəsmiyyətdən başqa bir şey deyil?
– Bilirəm, cənab, – Fileas Foq dedi. – Amma istəyirəm ki, sizin vizanız mənim Süveyşdən keçdiyimi təsdiqləsin.
– Necə istəyirsiniz, cənab.
Konsul bunu deyib pasporta günün tarixini yazıb möhür vurdu və altına imza atdı. Cənab Foq ona təşəkkür edib viza rüsumunu ödədi və Paspartu ilə birlikdə otaqdan çıxdılar.

8
Konsulun köməyindən əli üzülən xəfiyyə indi bütün ümidini Paspartuya bağlamışdı. Fiks bu fransızın sadəlövh və ürəyitəmiz adam olduğunu dərhal anlamışdı. Odur ki lakeyin saqqızını oğurlayıb onun ağzından söz almaq qərarına gəldi.
Cənab Foq konsulun kabinetindən çıxandan sonra sahildə Paspartuya bir neçə tapşırıq verib gəmiyə mindi və kayutuna çəkildi. Cibindən çıxardığı dəftərçəyə qeyd etdiyi məlumatlara baxaraq yola düşdükdən Süveyşə çatanacan keçən vaxtı hesabladı: indiyədək 158,5 saat və ya altı sutka yarım keçmişdi!
Bu zaman xəfiyyə Fiks sahildə dayanıb ətrafı gözdən keçirən Paspartuya yaxınlaşaraq dedi:
– Dostum, pasportlarınızla bağlı bir problem çıxmadı ki?
– Ah, bu sizsiniz! – Paspartu Fiksi tanıyıb dedi. – Yox, hər şey qaydasındadır. Biz elə sürətlə səyahət edirik ki, sanki yatmışam və bütün bunları yuxuda görürəm. Hətta harada olduğumuzu da dəqiq bilmirəm. Bura Süveyşdir?
– Bəli, Süveyşdir.
– Süveyş isə Misirdədir. Onda belə çıxır ki, Afrikadayıq! İşə bir bax! Adamın inanmağı gəlmir. Mən elə bilirdim, Parisdən o tərəfə getməyəcəyik…
– Deməli, siz çox tələsirsiniz? – cənab Fiks hiyləgərcəsinə soruşdu.
– Mən yox, cənab Foq tələsir, – Paspartu cavab verdi. – Yeri gəlmişkən, o mənə corab və köynək almağı tapşırıb. Axı biz özümüzlə, demək olar, heç nə götürməmişik.
– Sizi bazara kimi ötürə bilərəm. Oradan nə istəsəniz, tapıb ala bilərsiniz.
– Siz çox xeyirxahsınız, müsyö!
Onlar yanaşı addımlamağa başladılar. Yolda Paspartu dil boğaza qoymur, bir ucdan üyüdüb-tökürdü:
– Əsas odur, gəmiyə gecikməyim.
– Vaxta var, – Fiks onu sakitləşdirdi. – Hələ günortadır, saat 12-ni yenicə vurub.
– Necə yəni, günortadır? Mənim saatımda hələ ona səkkiz dəqiqə var.
– Əzizim, sizin saatınız geri qalır.
– Necə?! Mənə ulu babamdan yadigar qalan saatım geri qalır?! Müsyö, bu saat xronometr[17 - Xronometr – çox dəqiq işləyən kvars və ya mexaniki saat] qədər dəqiq işləyir! Bütün ilboyu cəmi beş dəqiqə yanıla bilər.
– Aydındır, – Fiks dedi, – sizin saatınız hələ də London vaxtı ilə işləyir. Yəni düz iki saat geri qalır. Bir ölkədən başqasına gedərkən saatınızı yerli vaxtla tənzimləməyi unutmayın.
– Qətiyyən! – Paspartu etiraz elədi. – Bu gözəl saatın əqrəblərini irəli-geri çəkmək fikrim yoxdur!
– Özünüz bilərsiniz, – cənab Fiks əlacsız gülümsədi.


Bir qədər sonra xəfiyyə araya çökmüş sükutu pozdu:
– Yəqin, Londondan çox tələsik çıxmısınız?
– Bəli, keçən çərşənbə cənab Foq ilk dəfə klubdan evə həmişəkindən tez gəldi. Cəmi bir saat sonra isə biz dünya səyahətinə yollandıq.
– Dünya səyahətinə?
– Bəli. Özü də səksən günlük! Deyir ki, mərc gəlib. Amma öz aramızdır, mən ona çox da inanmıram. Burada nəsə başqa bir iş var.


– Cənab Foq varlı adamdır? – Fiks soruşdu.
– Məncə, hə. O özü ilə bir çanta pul götürüb. Hamısı qəttəzə əsginaslardır. Yolda da pulu su kimi xərcləyir.
– Bəs siz bu cənabı çoxdan tanıyırsınız?
– Demək olar, heç tanımıram. Onun yanında səyahətə çıxdığımız gün qulluq eləməyə başlamışdım.
Cənab Fiks bu söhbətdən belə bir nəticəyə gəldi: Foq Londondan ona görə tələm-tələsik yola düşüb ki, oğurladığı pulları aradan çıxarsın. Məbləğ kifayət qədər böyük olub. Mərc məsələsini də insanların gözünə kül üfürmək üçün ortaya atıb. O, lakeydən Bombeyə getdiklərini də öyrəndi.
– Bombey çox uzaqdır? – Paspartu soruşdu.
– Siz hələ gəmi ilə ən az on gün də yol getməlisiniz, – Fiks cavab verdi.
– Nə pis oldu, – Paspartu məyusluqla dedi.
– Nə olub ki? – Fiks maraqla soruşdu.
– Otağımdakı qaz lampasını söndürməyi unutmuşam. Lampa biz qayıdana kimi mənim hesabıma yanacaq. Hesablamışam ki, bu, bir gündə 2 şillinq[18 - Şillinq – Böyük Britaniyada 1 funt-sterlinqin 1/20-nə bərabər pul vahidi] edir. Yəni mənim gündəlik qazancımdan düz beş pens[19 - Pens – Böyük Britaniyada xırda pul] artıq! Başa düşürsünüz ki, əgər səyahət uzansa…
Xəfiyyənin söhbətin nədən getdiyini anlayıb-anlamadığını söyləmək çətindir. O daha Paspartuya qulaq asmırdı, çünki bundan sonra necə hərəkət edəcəyi barədə düşünürdü.
Bu arada, onlar gəlib bazara çatdılar. Fiks tez-tələsik Paspartu ilə sağollaşıb növbəti dəfə konsulun yanına yollandı.
– Cənab, mənim oğrunu tapdığıma qəti şübhəm yoxdur, – xəfiyyə konsula dedi. – O özünü səksən günə bütün dünyanı gəzmək fikrinə düşmüş səfeh adam kimi qələmə verməyə çalışır.
– Bəlkə, siz yanılırsınız? – konsul dilləndi.
– Bu, mümkün deyil, cənab!
– Əgər belədirsə, niyə cidd-cəhdlə pasportuna viza möhürü vurdurmağa çalışırdı?
– Bunu bilmirəm, lakin sizə başqa maraqlı məlumatlarım var.
Sonra Fiks Paspartudan öyrəndiklərini bircə-bircə konsula danışdı.
– Doğrudan da, bütün bunlar çox qəribədir, – konsul dedi. – Bəs nə etmək fikrindəsiniz?
– Londona teleqram yollayıb bir daha xahiş eləyəcəyəm ki, Bombeyə həbs qərarı göndərsinlər. Özüm isə onlarla birlikdə gəmi ilə Hindistana yola düşəcəyəm. Hindistan Böyük Britaniyanın torpağı hesab olunur. Deməli, Londondan göndərilən həbs qərarı ilə Foqu elə Bombeydə də yaxalaya bilərəm.
Xəfiyyə konsulluqdan çıxıb teleqrafa yollandı.
On beş dəqiqə sonra Fiks artıq Qırmızı dənizin sularında üzən gəminin göyərtəsində idi.

9
Süveyşdən Ədənə qədər məsafə düz 1300 mildir. Hərəkət cədvəlinə görə «Monqolustan» gəmisi bu məsafəni 138 saata qət etməli idi. Ancaq gəmi elə sürətlə üzürdü ki, belə getsə, mənzilbaşına vaxtından xeyli tez çatacaqdı.
«Monqolustan»ın sərnişinləri arasında ingilis məmurları, müxtəlif rütbəli zabitlər çox idi. Dövlətdən yaxşı məvacib alan bu insanlar gəmidə səxavətlə pul xərcləyir, gündə dörd dəfə masalarının ətrafında toplanaraq yeyib-içir, saatlarla söhbətləşirdilər. Sərnişinlərin arasında bahalı libas geyinmiş bir neçə imkanlı qadın da gözə dəyirdi.
Fileas Foq göyərtədə nadir hallarda görünürdü. O bütün gün sərnişinlərin istirahəti üçün nəzərdə tutulmuş böyük salonda vist oynayırdı. Foq «Reform» klubunda olduğu kimi burada da özünə bir neçə yoldaş tapmışdı.
Paspartunun kefi kök idi. O, gəminin mətbəxində bişən dadlı yeməklərdən yeyib rahat kayutunda dincəlir və ümid eləyirdi ki, ağası Bombeydən o tərəfə getməyəcək.
Süveyşdən çıxdıqları günün səhəri, yəni oktyabr ayının 10-da Paspartu göyərtədə cənab Fikslə qarşılaşdı. Onlar bir-birini dərhal tanıdılar. Lakey xəfiyyədən hara getdiyini soruşdu.
– Sizin kimi mən də Bombeyə gedirəm, – Fiks cavab verdi.
– Nə gözəl! Bəs siz Hindistanda olmusunuz?
– Dəfələrlə. Mən bu gəminin məxsus olduğu nəqliyyat şirkətinin agentiyəm, – Fiks ağlına gələn ilk yalanı söylədi.
– Onda, yəqin, Hindistana yaxşı bələdsiniz. Orada maraqlı nəsə var?
– Nə qədər istəsəniz: məscidlər, minarələr, qalalar, məbədlər, pələnglər, ilanlar, rəqqasələr… Sizin Hindistanı gəzməyə vaxtınız olacaq ki?
– Buna ümid eləyirəm, müsyö Fiks. Məncə, müsyö Foq Bombeyə çatanda artıq başa düşəcək ki, dünyanı səksən günə dövr eləmək mümkün deyil.
– Bəs o özü haradadır?
– Göyərtəyə nadir hallarda çıxır. Ətrafda baş verənlər onu maraqlandırmır.
– Bilirsiniz, cənab Paspartu, mənə elə gəlir ki, bu səksən günlük səyahət məsələsinin altında başqa nəsə var.
– Ola bilər, amma mən bu barədə heç nə bilmirəm, müsyö Fiks.
Bu söhbətdən sonra Paspartu ilə xəfiyyə göyərtədə tez-tez qarşılaşırdılar. Fiks lakeydən mümkün olduğu qədər çox məlumat almağa çalışırdı.
«Monqolustan» sürətlə irəliləyərək oktyabrın 13-də Mokaya, 14-də isə Ədənin şimal-qərbindəki Stimer-Poynt limanına çatdı. Gəmi yanacaq ehtiyatı götürmək üçün limanda dörd saat dayanmalı idi. Lakin Fileas Foq narahat deyildi: çünki belə fasilələri əvvəlcədən nəzərə almışdı. Üstəlik, hərəkət cədvəlinə görə, gəmi Ədənə oktyabrın 15-də səhər çatmalı olduğu halda, oktyabrın 14-də gecə gəlib çıxmışdı. Bu isə Foqa əlavə 15 saat qazandırmışdı.
Pasporta növbəti viza möhürünü vurdurmaq üçün cənab Foqla lakeyi gəmidən düşdülər. Fiks gizlincə onları təqib etməyə başladı. Möhür vurulduqdan sonra cənab Foq yenə gəmiyə minib öz kayutuna çəkildi. Paspartu isə sahildə dayanıb ətrafa maraqla tamaşa eləyirdi. Burada hər millətdən adama rast gəlmək olardı: hindlilər, ərəblər, farslar, yəhudilər, avropalılar…
Axşam saat 6-da «Monqolustan» gəmisi suyu köpükləndirə-köpükləndirə yerindən tərpəndi və çox keçmədən Hind okeanına çıxdı. Ədəndən Bombeyə getmək üçün 168 saat vaxt lazım gəlirdi. Yüngül şimal-qərb küləyi əsirdi. Gəminin yelkənlərini açmışdılar. Yaxşı geyimli cənablar və xanımlar göyərtədə yeyib-içir, mahnı oxuyur, rəqs edirdilər.
Oktyabrın 20-də günorta vaxtı uzaqdan Hindistan sahilləri göründü. Halbuki gəminin Bombeyə oktyabrın 22-də çatması nəzərdə tutulmuşdu. Beləliklə, cənab Foq iki gün əlavə vaxt qazanmış oldu.

10
Hamıya məlumdur ki, Hindistanın ümumi sahəsi bir milyon dörd yüz min kvadrat mildir. Bu ölkədə 180 milyon insan məskunlaşıb. Britaniya hökumətinin tabeliyində olan Hindistana, əslində, tam nəzarət etmək mümkün deyil. Onun yalnız yarısı İngiltərənin mütləq hakimiyyəti altındadır. İngilis nəzarətini Kəlkətədə general-qubernator, Mədrəsə, Bombey və Benqaliyada qubernator, Aqrada isə vitse-qubernatorlar həyata keçirirlər. Qalan torpaqlar müstəqilliyini qoruyub saxlayan racaların[20 - Raca – Hindistanda hökmdar, knyaz titulu] əlindədir. Bununla belə, ingilis hakimiyyəti bütün ölkədə əhalinin etnik tərkibinə, həyat tərzinə öz təsirini göstərib. Məsələn, əvvəllər bir yerdən başqa yerə yalnız atla, ikitəkərli arabalarda, kəcavədə, ya da hambalların belində getmək mümkün idi. İndi isə Hind və Qanq çaylarında buxarlı gəmilər üzür, bütün ölkəni əhatə eləyən dəmiryolu xətti ilə sürətli qatarlar hərəkət eləyirdi.
Beləliklə, axşam saat 5-in yarısında «Monqolustan» gəmisi Bombey sahilinə çatdı. Buradan Kəlkətəyə gedən qatar isə düz saat 8-də yola düşəcəkdi. Foq gəmidən düşdü, lakeyinə bəzi göstərişlər verib tapşırdı ki, saat 8-ə qalmış vağzalda olsun. Özü isə gömrük məntəqəsinə tərəf üz tutdu.
Bombeyin görməli yerləri – nəhəng kitabxanası, qalaları, məscidləri, sinaqoqları[21 - Sinaqoq – yəhudilərin dini məbədi, ibadətgah], kilsələri, pambıq bazarı cənab Foqun diqqətini cəlb eləmədi. O, gömrük məntəqəsindən çıxıb tələsmədən vağzala tərəf addımlamağa başladı.
Bəs həmin vaxt cənab Fiks nə işlə məşğul idi? O, gəmidən düşəndən sonra birbaş Bombeyin polis rəisinin yanına cumdu. Rəisə polis xəfiyyəsi olduğunu, bura vacib tapşırıqla gəldiyini dedi. Sonra da Londondan həbs qərarının göndərilib-göndərilmədiyini soruşdu. Cavab müsbət deyildi. İşi belə görən xəfiyyə polis rəisini dilə tutmağa çalışdı ki, o özü Foqun həbs qərarını imzalasın. Lakin rəis razılıq vermədi. Beləcə, Fiksin gözləməkdən başqa çarəsi qalmadı. Eyni zamanda qərara gəldi ki, bir dəqiqə də olsa, gözünü cənab Foqdan ayırmasın. O, Paspartudan öyrənmişdi ki, ağası Bombeydə bir xeyli ləngiyəcək. «Yəqin, bu müddət ərzində Londondan həbs qərarını da göndərərlər», – Fiks öz-özünə mızıldandı.
Foq Paspartuya tapşırmışdı ki, ona yenidən corab və köynək alsın. Lakey bundan belə başa düşdü ki, onların səyahəti Bombeydə də başa çatmayacaq.
Paspartu alış-verişdən sonra Bombeyin küçələrini dolaşmaq qərarına gəldi. Həmin gün yerli əhali bayram keçirirdi. Ətrafda rəqs edən kim, mahnı oxuyan kim, akrobatlıq eləyən kim… Paspartu bütün bunlara maraqla tamaşa eləyə-eləyə gəlib Malabar Hill təpəsindəki möhtəşəm paqodaya[22 - Paqoda – induizm və ya buddizm məbədi; ibadətgah] çatdı. «Bura qədər gəlmişkən məbədin içinə baxmaq pis olmaz», – ürəyində dedi. Ancaq lakeyin bu marağı az qala onun özünə və cənab Foqa baha başa gələcəkdi.
Paspartu iki şeydən xəbərsiz idi: əvvəla, xristianların hindu məbədinə girməsi qadağandı, ikincisi, ora daxil olanlar mütləq ayaqqabılarını çıxarıb bayırda qoymalı idilər. Bu qadağalara əməl etməyənlər isə cəzalandırılırdı.
Bütün bunlardan bixəbər Paspartu binaya girib brahman[23 - Brahmanlar – e.ə. X–IX əsrlərdə Hindistanda qədim veda dininin dəyişikliyə uğraması nəticəsində yaranmış dinin kahinləri; Hindistanda ali kasta] məbədlərinə xas bər-bəzəklərə, parıltılı əşyalara heyranlıqla tamaşa eləməyə başladı. Necə oldusa, zavallı lakey birdən-birə özünü müqəddəs döşəmə daşlarının üstündə gördü. Gözlərindən qəzəb qığılcımları yağan üç kahin ayaqqabılarını corab qarışıq çıxararaq onu şapalaqlamağa başladılar. Ancaq Paspartu güclü və zirək oğlan idi, cəld yerdən sıçrayıb qalxdı, kahinlərdən birini təpik, o birini yumruqla dəf edib qaçmağa başladı. Üçüncü kahin onun arxasınca düşsə də, çata bilmədi.
Saat 8-ə 5 dəqiqə qalmış Paspartu ayaqyalın-başıaçıq özünü vağzala yetirdi. Aldığı corab-köynəkləri kahinlərlə dalaşdığı vaxt salıb itirmişdi.
Cənab Foqu bundan sonra da təqib eləmək qərarına gələn Fiks vağzalda idi. O, bir kənarda gizlənib Paspartunun başına gələnlərlə bağlı ağasına danışdıqlarını dinlədi.
– Ümid eləyirəm ki, bu bir daha təkrarlanmayacaq, – cənab Foq lakeyə qulaq asıb qurtardıqdan sonra soyuqqanlıqla dedi və qatara tərəf addımladı.
Xəcalətindən qıpqırmızı qızarmış zavallı Paspartu da onun ardınca getdi.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289880) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes
Примечания

1
Centlmen – kübar cəmiyyətin nəzakət qaydalarına və əxlaq normalarına ciddi riayət edən kişi

2
İngilis şairi Corc Bayron (1788–1824) nəzərdə tutulur.

3
Bakenbard – kişilərdə gicgahdan çənəyə kimi uzanan yarımsaqqal

4
Lakey – nökər

5
Bu söz fransızcadan tərcümədə «hər şeyin içindən keçib-gedə bilən», «hər şəraitə uyğunlaşan» mənasına gəlir.

6
Rostbif – ingilis mətbəxinə aid ət yeməyi

7
Vist – komanda şəklində oynanan kart oyunu

8
Funt-sterlinq və ya funt – Böyük Britaniyada pul vahidi

9
Sözügedən dəmiryolu xətti əsərdəki hadisələrin cərəyan etdiyi tarixdən bir qədər əvvəl – 1870-ci ildə istismara verilsə də, həmin vaxt hələ tam şəkildə fəaliyyət göstərmirdi.

10
Kozır – kart oyununda oyunçulara ən yüksək xal qazandıran kartlar

11
Makintoş – su keçirməyən parçadan tikilmiş plaş

12
Sakvoyaj – ağzı kip bağlanan yol çantası

13
Dilican – dördtəkərli poçt və ya minik arabası

14
Mil – ingilis ölçü sistemində 1609,34 metrə bərabər uzunluq vahidi

15
Fəllah – ərəb ölkələrində əkinçiliklə məşğul olan, oturaq həyat tərzi keçirən kəndli

16
Eskvayr – Böyük Britaniyada zadəgan titulu

17
Xronometr – çox dəqiq işləyən kvars və ya mexaniki saat

18
Şillinq – Böyük Britaniyada 1 funt-sterlinqin 1/20-nə bərabər pul vahidi

19
Pens – Böyük Britaniyada xırda pul

20
Raca – Hindistanda hökmdar, knyaz titulu

21
Sinaqoq – yəhudilərin dini məbədi, ibadətgah

22
Paqoda – induizm və ya buddizm məbədi; ibadətgah

23
Brahmanlar – e.ə. X–IX əsrlərdə Hindistanda qədim veda dininin dəyişikliyə uğraması nəticəsində yaranmış dinin kahinləri; Hindistanda ali kasta
80 gün dünya ətrafında Жюль Верн
80 gün dünya ətrafında

Жюль Верн

Тип: электронная книга

Жанр: Научная фантастика

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: 80 gün dünya ətrafında, электронная книга автора Жюль Верн на азербайджанском языке, в жанре научная фантастика

  • Добавить отзыв