Aya Səyahət

Aya Səyahət
Jül Vern
Dünya ədəbiyyatından seçmələr
Bir gün veteran topçular qeyri-adi fikrə düşür, Aya nəhəng top mərmisi göndərmək qərarına gəlirlər. Lakin Fransadan göndərilən bir məktub hadisələrin gedişini kökündən dəyişir…

Жюль Верн
Aya Səyahət

© «Altun kitab» MMC – 2020

1
ABŞ-da vətəndaş müharibəsi illəri idi. Həmin vaxt Merilend ştatının əsas şəhərlərinin birində – Baltimorda «Topçular klubu» yaradılmışdı. Müharibə insanların döyüş əhvali-ruhiyyəsini əməllicə yüksəltmişdi. Odur ki hamı işini-gücünü atıb bu kluba üzv yazılırdı. İş o yerə çatmışdı ki, hətta ticarətçilər belə piştaxtalarını tərk edir, «Topçular klubu» na üzv olur, bir göz qırpımında zabitə çevrilirdilər.
Amerikanlar artilleriya sahəsində avropalıları ötmüşdülər: qısa vaxtda çox uzaq məsafələri vuran qeyri-adi ölçüdə toplar yaratmışdılar. Əslində, burada təəccüblü heç nə yoxdur: axı yankilər dünyada ən yaxşı mexaniklərdir. Onlar sanki mühəndis doğulublar.
1861–65-ci illərdə baş verən vətəndaş müharibəsi şimallılarla cənublular arasında gedirdi. Bu savaş zamanı topçular xüsusi hörmət qazanmışdılar. Çünki döyüşlərin taleyini daha çox onların bacarığı, məharəti həll edirdi.
Elə Baltimordakı «Topçular klubu» da buna görə yaranmışdı. Cəmi bir ayda kluba saysız-hesabsız üzv yazıldı. Şərt isə sadə idi: kluba üzv olmaq istəyən şəxs ya yeni top icad etməli, ya da mövcud olanlardan hər hansı birini təkmilləşdirməli idi.
Nəticədə ABŞ-da az qala hamı ixtiraçı olmaq fikrinə düşmüşdü. Amerikalılar nəhəng silah icad etmək üçün bir-biri ilə yarışırdılar. Hər kəs digərindən daha uzaq məsafəni vura bilən top düzəltməyə çalışırdı. Bu zaman arzuedilməz hadisələr də baş verirdi; məsələn, həmin topların sınağı zamanı bir də görürdün, mərmi təsadüfən yaxınlıqdan keçən kiməsə tuş gəldi və onu param-parça etdi. Belə qurbanların sayı-hesabı yox idi.
İnanmazsınız, amma «Topçular klubu» nun hər bir üzvü «orta hesabla» iki min üç yüz yetmiş beş adam qətlə yetirmişdi!
Belə çıxırdı ki, müharibə bir qıraqda qalmışdı, bu klub üzvlərinin özləri insan nəslinin kökünü kəsməyə girişmişdilər. Hətta özləri də savaşa qoşulduqlarından döyüş meydanında həlak olan klub üzvləri də az deyildi. Lakin bütün bunlar «Topçular klubu» nun üzvlərini öz inadkarlığından geri döndərə bilmirdi.
Di gəl, günlərin bir günü baş verən bir hadisə onların kefinə əməlli-başlı soğan doğradı. Belə ki, şimallılarla cənublular bir-birini qırmaqdan əl çəkdilər: sülh müqaviləsi imzalandı və vətəndaş müharibəsi başa çatdı! Bununla da atəş səsləri kəsildi, qısalüləli topların gurultusu susdu. Digər silahlar kimi toplar da öz vəzifəsini başa vurdu və onları cəbbəxanalara yerləşdirdilər. Qanlı-qadalı müharibə əvvəlcə acı xatirələrə çevrildi, sonra isə, ümumiyyətlə, unudulmağa başladı. Amansız döyüşlərin getdiyi torpaqlar pambıq tarlalarına çevrildi. İnsanların göz yaşları qurudu, onlar əyinlərindəki matəm libasını çıxarıb adi həyata qayıtdılar.
Beləcə, «Topçular klubu» nun üzvləri işsiz-gücsüz qaldılar. Artıq onlara ehtiyac yox idi.
Düzdür, bəziləri hələ də yeni və nəhəng silahlar icad etmək üçün dəridən-qabıqdan çıxırdılar. Lakin bir halda ki həmin silahlara artıq ehtiyac qalmamışdı, bunun nə mənası vardı?
Aylar keçdikcə «Topçular klubu» nun yerləşdiyi binadan yavaş-yavaş əl-ayaq kəsildi, masaların üstündəki qəzetləri kif basdı. İndi burada tək-tük yankiyə rast gəlmək olardı. Onlar da bütün günü mürgü döyməklə məşğul idilər. Həmin yankilərdən biri – Tom Qanter elə hey donquldanırdı.
– Burada adam lap dəli ola bilər! – o, bir dəfə dedi. – Gör nə vaxtdır işsiz-gücsüz oturmuşuq! Bu nə həyatdır!
– Hə, xoşbəxt günlərimiz geridə qaldı! – Bilsbi adlı başqa bir yanki onunla dərhal razılaşdı. – Dünənəcən sanki cənnətdə idik! Dayanmadan qısalüləli ağır toplar icad edir, onunla düşmənə atəş açırdıq. İxtira uğurlu alınıbsa, hərbi rəhbərlik gəlib şəxsən adamın əlini sıxırdı. İndisə müharibə yoxdur və hamı gedib işinin-gücünün dalınca. Biz isə avara qalmışıq!
– Düz deyirsən, Bilsbi! – bu dəfə polkovnik Blemsberi dilləndi. – Aqibətimiz heç yaxşı olmadı!..
– Ən pisi isə odur ki, bundan sonra üfüqdə yeni müharibə də görünmür! – Maston dərin ah çəkdi. – Hərçənd elə bu səhər mən yeni mortiranın[1 - Mortira – qısalüləli top] çertyojunu hazırlamışam. Bu silah istənilən müharibənin gedişini dəyişə bilər!..


– Doğrudan? – Mastonun bu yeni icadının uğurlu sınağını qeyri-ixtiyari şəkildə gözləri önündə canlandıran Tom Qanter dilləndi.
– Doğrudan! – Maston qətiyyətlə cavab verdi. – Ancaq adama deyən gərək, belə mürəkkəb hesablamalar üzərində nəyin naminə baş sındırmısan? Axı çətin bir də müharibə olsun.
– Sizinlə razıyam, – polkovnik Blemsberi dedi. – Lakin Avropada müharibələrin hələ də davam etdiyini unudursunuz. Bu icadınız orada çox işə yaraya bilər.
– Onlardan bizə nə?
– Necə yəni «onlardan bizə nə»? Bəyəm avropalılara öz xidmətimizi təklif edə bilmərik?
– Siz nə danışırsınız?! – Bilsbi çığırdı. – Başqa xalqların naminə silah ixtiraçılığı ilə məşğul olmaq?
– Heç məşğul olmamaqdan daha yaxşıdır! – polkovnik bəyan etdi.
– Əlbəttə, yaxşıdır! – Maston əlavə etdi. – Amma bu haqda düşünməyə də dəyməz.
– Niyə? – polkovnik təəccüblə soruşdu.
– Çünki Köhnə dünyada, yəni Avropada hərbi karyera qurmaq elə də asan deyil. Orada hərbi xidmətə podporuçik rütbəsindən başlamasalar, axırda komandan olmağı ağıllarının ucundan da keçirmirlər. Bizdə isə bu, su içimi kimi bir şeydir. Bir-iki silah icad etmisənsə, vəssalam! «Topçular klubu» nun üzvləri arasında adi ticarətçidən polkovnikə çevrilən azdır?!
– Belə çıxır, əlacımız bircə tütün əkməyə, ya da balina yağı satmağa qalır! – Tom Qanter məyus səslə dedi.
– Necə?! – Maston sanki ildırım vurubmuş kimi bağırdı. – Biz yeni odlu silahlar icad etmədən ömrümüzü başa vuracağıq? Bu ki faciədir! Yəni, doğrudan, tale bir daha üzümüzə gülməyəcək və bir də heç vaxt müharibə görməyəcəyik?
– Hə, Maston, – polkovnik Blemsberi dedi, – artıq bəxtimiz bağlanıb. Çətin ki bir daha müharibə olsun.
– Düz sözə nə deyəsən! – Maston yenidən dərin ah çəkdi. – Yeni müharibə üçün minlərlə bəhanə tapmaq olar. Di gəl, savaşdan ötrü, sadəcə, bəhanə kifayət deyil. Gərək Birləşmiş Ştatların prezidenti də müharibə arzusunda olsun. Görəsən, o, yeni savaşa başlamaq fikrinə necə baxardı?
– Pis! – Bilsbi sakitcə dedi.
– Elə isə şərəfimə and olsun ki, – Maston çığırdı, – növbəti seçkidə mən ona səs verən deyiləm!
– Heç bizim səsimizə də ümid bəsləməsin! – digərləri də bir ağızdan dilləndilər.
– Beləliklə, – Maston dedi, – son sözüm budur: əgər yeni icad etdiyim topu əsl döyüş meydanında sınaqdan keçirməyə imkan yaratmasalar, «Topçular klubu» ndan çıxacağam.
– Elə biz də! – yoldaşları bu dəfə də onu dəstəklədilər.
Aydın görünürdü ki, belə getsə, tezliklə «Topçular klubu» nun izi-tozu da qalmayacaq.
Lakin bu söhbətdən cəmi bir gün sonra gözlənilməz hadisə baş verdi. Bütün klub üzvləri belə bir məktub aldılar:

«Baltimor, 3 oktyabr.
«Topçular klubu» nun sədri olaraq klub üzvlərinə bildirirəm ki, bu ayın 5-də ümumi iclas çağırılır. İclasda hər kəsin marağına səbəb olacaq bir xəbər çatdıracağam. Ona görə də klub üzvlərindən xahiş edirəm ki, işlərini təxirə salıb iclasa təşrif buyursunlar.
    Hörmətlə,
    sizin İmpi Barbiken P.P.K.».

2
Oktyabrın 5-i axşama yaxın «Topçular klubu» na artıq xeyli adam toplaşmışdı. Klubun Baltimorda yaşayan üzvlərindən sədrin dəvətini yerə salan yox idi. Üstəlik, başqa şəhərlərdə yaşayan üzvlərin bir çoxu da böyük maraq və həvəslə iclasa gəlmişdi. Elə buna görə də indi klubun yerləşdiyi binanın qapısı ağzında böyük izdiham yaranmışdı. Hər kəs klub sədrinin çatdıracağı mühüm xəbəri intizarla gözləyirdi. İçəri klub üzvlərindən başqa kimsə, hətta şəhərin ən adlı-sanlı adamları da ayaq basa bilməzdi. Hamıya aydın idi ki, klub sədri ciddi səbəb olmasa, kimsəni boş yerə bura toplamazdı.
Qırx yaşlı İmpi Barbiken təmkinli və sərt görünüşə malik bir adamdı. Hər kəs onu ciddi və dəmir iradəli adam kimi tanıyırdı. Düzdür, cəngavərliyə meyilli biri deyildi, lakin macəraları xoşlayırdı. Qısası, təpədən dırnağa yanki idi.
Barbiken böyük sərvət sahibi idi. O bu sərvəti ağac ticarəti ilə məşğul olaraq qazanmışdı. Vətəndaş müharibəsi başlayanda artilleriya rəisi təyin olunmuşdu. Elə həmin vaxtdan da yeni top icad etməyə girişmişdi, qısa vaxtda bir neçə ixtirası ilə məşhurlaşmışdı.
Barbikeni «Topçular klubu» nun üzvlərindən fərqləndirən bir cəhət də vardı: əl-ayağı salamat idi! Məsələ bundadır ki, klub üzvlərinin, demək olar, hamısı müharibədə bədəninin bir hissəsini itirmişdi: kimi əlini, kimi qolunu, kimi ayağını, kimi gözlərini və ya qulaqlarını… Barbikenin isə heç burnu da qanamamışdı.
İclas zalından asılmış iri saat, nəhayət, 8-i vurdu. Barbiken bir göz qırpımında ayağa qalxdı. Bayaqdan ətrafı bürümüş uğultu anındaca kəsildi. Sədr bir qədər təntənəli şəkildə sözə başladı:
– Möhtərəm həmkarlar! Bildiyiniz kimi, iş o yerə çatıb ki, «Topçular klubu» nun üzvləri xeyli vaxtdır işsiz qalıblar. Vətəndaş müharibəsinin davam etdiyi bir neçə il ərzində işlərimiz yağ kimi gedirdi. Elə ki müharibə başa çatdı, klubumuz boş-bikar qaldı. Üfüqdə isə heç bir yeni savaş gözlənilmir. Heç nədən çəkinməyərək bəyan edirəm ki, bizim müharibəyə ehtiyacımız var, özü də tez vaxtda! Yalnız belədə biz əvvəlki qızğın iş günlərimizə qayıda bilərik.
– Hə, müharibə! Müharibə vacibdir! – Maston qışqırdı.
– Lakin hazırda bu, mümkün deyil, – Barbiken sözünə davam etdi. – Silahlarımızı döyüş meydanlarında işə salmaq, yeni silahlar icad eləməyə həvəslənmək üçün çox gözləməli olacağıq. Taleyimizin bu acı qisməti ilə barışmalı və fəaliyyətimizi başqa istiqamətdə davam etdirməliyik.
İclasdakılar hiss etdilər ki, sədr, nəhayət, mətləb üstünə gəlir. Odur ki ona daha diqqətlə qulaq asmağa başladılar.
– Əzizlərim, artıq bir neçə aydır, özümə belə bir sual verirəm: görəsən, öz işimizə sadiq qalmaq şərtilə başqa nə iləsə məşğul ola bilərikmi? Bu sual üzərində uzun müddət baş sındırdım, hesablamalar apardım. Axırda belə qənaətə gəldim ki, dünyada hələ heç kimin ağlına gəlməyən, qısa vaxtda şöhrəti bütün yer üzünə yayılacaq bir işə qol qoya bilərik. Əminəm ki, bunu ancaq siz bacararsınız.
– Deyirsiniz şöhrəti bütün yer üzünə yayılacaq? – klub üzvlərindən kimsə soruşdu.
– Bəli! Bu elə bir işdir ki, bütün dünyaya səs salacaq. Özü də sözün həqiqi mənasında! – Barbiken cavab verdi.
– Sədrin sözünü kəsməyin! – yerbəyerdən səslər eşidildi.
– Möhtərəm həmkarlar, – Barbiken sözünə davam etdi, – yəqin ki, hər biriniz Ayı dəfələrlə görmüsünüz. Təəccüblənib soruşa bilərsiniz ki, bəyəm onu görməyən var? Haqlısınız. Sözümün canı başqadır. Ayı siz də, başqaları da dəfələrlə görüb. Ancaq indi söyləyəcəklərim heç də hər kəsin ağlına gələ biləcək iş deyil. Lap gəlsə belə, onu gerçəkləşdirmək çətin ki, bizdən başqa kiməsə qismət olsun. Xahiş edirəm, məni səbirlə dinləyin. Mən Ayın – bu səma cisminin adını boş yerə çəkmədim. Mən sizi onu fəth etməyə aparacağam. Mənə inanın və çağırışıma səs verin. Bəlkə də, qismətimizdə «səma Kolumbu[2 - Kolumb – Amerika qitəsini kəşf edən məşhur səyyah Xristofor Kolumb (1451–1506) nəzərdə tutulur.]» olmaq yazılıb!
– Yaşasın Ay! – «Topçular klubu» nun üzvləri bir ağızdan qışqırdılar.
– Doğrudur, indiyəcən Ay kifayət qədər ətraflı öyrənilib, – Barbiken davam etdi: – Onun kütləsi, sıxlığı, həcmi, tərkibi, hərəkəti, Yerlə arasındakı məsafə və Günəş sistemindəki rolu çoxdan dəqiq müəyyənləşdirilib. Qısası, bizə Ay haqqında hər şey məlumdur, lakin indiyədək onunla birbaşa əlaqə yoxdur.
Auditoriyadan səs çıxmırdı. «Topçular klubu» nun üzvləri səssiz-səmirsiz, heyrət və maraq içində sədrə qulaq asırdılar. Hamının tamamilə ona diqqət kəsildiyini görən Barbiken sözlərinə davam etdi:
– İcazənizlə sizə bir neçə maraqlı əhvalat xatırladım. Hələ on yeddinci yüzillikdə David Fabrisius adlı bir nəfər öyünürdü ki, guya o, Ayda yaşayan varlıqları görüb. Min altı yüz qırx doqquzuncu ildə Sirano de Berjerak adlı başqa birisi isə öz kitabında Aya yola düşən ekspedisiyadan danışırdı. Sonralar məşhur fransız yazar Fontenel bütün bunlardan ilhamlanaraq «Başqa dünyalar» adlı kitab qələmə aldı. Ancaq hazırda elm çox inkişaf edib. Yazıçıların fantaziyaları sürətlə həyata keçir, həqiqətə çevrilir. Min səkkiz yüz otuz beşinci ildə yayılan bir kitabçada məşhur astronom Con Gerşelin mükəmməl teleskop yaratdığı yazılmışdı. O həmin teleskopla Ayı xeyli yaxınlaşdıra bilirdi. Bu zaman Ay sanki səksən yard[3 - Yard – 81 sm-ə bərabər olan ingilis uzunluq ölçüsü] məsafədəymiş kimi görünürdü. Lakin çox keçmədən məlum oldu ki, kitabçada yazılanlar uydurmadan başqa bir şey deyil. Fransada hamı deyilənləri ələ salıb gülməklə məşğul idi.
– Bu, eyni zamanda Con Gerşeli ələ salmaqdır. Con Gerşeli ələ salmaq isə elə amerikanları ələ salmaq deməkdir, çünki o, ingilisdir! – Maston bağırdı. – Bu da sizə müharibə üçün bəhanə…
– Dostum, özünüzü ələ alın! Fransızlar ingilisləri ələ salmazdan öncə özləri gic vəziyyətində qalıblar. Axı onlar əvvəlcə kitabçada yazılanlara inanmışdılar! Nə isə, mətləbdən uzaqlaşmayaq. Tarixə bu qısa ekskursla onu demək istəyirəm ki, əslində, Ayı daha yaxından və dərindən öyrənmək üçün elmi cəhdlər olub; məsələn, bir neçə il əvvəl alman riyaziyyatçılarından biri Sibir çöllərinə elmi ekspedisiya göndərməyi təklif edirdi. Orada reflektorların[4 - Reflektor – İşıq mənbəyindən çıxan şüaları əks etdirən cihaz] sayəsində nəhəng həndəsi fiqurlar çəkmək mümkün idi. Bu fiqurlar o qədər parlaq olacaqdı ki, Aydan belə görünəcəkdi. Belədə selenitlər[5 - Selenit – Ayda yaşayan xəyali adam] eyni şəkildə onlara cavab verəcək, bununla da Ayla birbaşa əlaqə imkanı yaranacaqdı. Lakin riyaziyyatçının bu fikri, deyəsən, ağlabatan görünmədi, elə fikir olaraq da qaldı. Bir sözlə, Yerlə Ay arasında rabitə yaratmaq indiyədək kimsəyə qismət olmayıb. Əminəm ki, biz bunu bacara bilərik. Çünki Aya səyahət etmək üçün asan və etibarlı üsul tapmışam. Sizi də bura elə həmin üsulla tanış etmək üçün toplamışam.
Dinləyicilər bu sözlərdən sonra Barbikeni böyük şövqlə alqışlamağa başladılar. Onlar natiqin söylədiklərinə əməllicə heyran qalmış, möhkəm həyəcanlanmışdılar. Elə ki alqışlar kəsildi, Barbiken bu dəfə daha təntənəli şəkildə danışmağa başladı:
– Ballistika[6 - Ballistika – mərminin silahın lüləsi içərisində və bu lülədən çıxdıqdan sonrakı hərəkət qanunlarını tədqiq edən elm] elminin son illər hansı uğurlara imza atdığı hamınıza məlumdur. Elə bu uğurlardan çıxış edərək özümə belə bir sual verdim: Aya top atmaq olarmı? Buna nail ola biləcək silah icad etmək mümkündürmü?
Bu sözlər zalda uğultuya səbəb oldu. Dərhal da uğultu kəsildi və ortalığa dərin sükut çökdü. Bu lap fırtına öncəsi səssizliyə bənzəyirdi. Həqiqətən də, bir neçə saniyə zalı güclü alqış səsi bürüdü. Alqışlar o qədər güclü idi ki, az qala divarlar silkələnəcəkdi. Barbiken nitqini davam etdirməyə çalışdı, ancaq bu, mümkün olmadı. O yalnız on dəqiqədən sonra yenidən danışa bildi.
– İmkan verin, sözümü bitirim, – təmkinini itirməyən Barbiken dedi. – Mən bu barədə dərindən düşünmüşəm, ciddi hesablamalar aparmışam. Axırda belə qənaətə gəlmişəm ki, dəqiq nişan alınaraq atılmış və saniyədə on iki min yard sürəti olan mərmi Aya çata bilər. Əziz klub üzvləri, sizi bu mühüm təcrübəni həyata keçirməyə dəvət edirəm. Hə, nə deyirsiniz?

3
Barbiken çıxışını tamamladıqdan sonra hər tərəfdən «Ura!» sədaları ucaldı. Sanki yer-göy yenidən lərzəyə gəldi.
Barbiken təmkinini pozmadan yoldaşlarına yenə nəsə demək istədi. Lakin klub üzvləri ona ağzını açmağa imkan vermədilər. Onlar sədri qolları üstə qaldırıb küçəyə apardılar. Orada Barbikeni coşqun kütlə qamarladı. «Ura!», «Əhsən!» səsləri daha da yüksəldi.
Bu vurhavurda sanki söhbətin ondan getdiyini anlayan Ay zülmət gecəni işıqlandırırdı. İndi bütün gözlər ona tuşlanmışdı: bəziləri əl yelləyərək Ayı salamlayır, digərləri gözəl sözlərlə bu səma cisminə səslənirdilər. Bəziləri isə onu yumruğu ilə hədələyib «Darıxma, səni fəth etməyimizə çox qalmayıb» deyirdilər. Bir qədər sonra isə yankilər artıq özlərini Ayın sahibi kimi aparırdılar. Adama elə gəlirdi ki, Ay indi Birləşmiş Ştatların bir parçasına çevrilib.
Bütün bu hay-küy düz gecə saat 2-dək davam etdi. Barbiken, nəhayət, izdihamın əlindən qurtulub evinə qayıda bildi. O özünü hədsiz dərəcədə əzgin hiss edirdi. Hərçənd onun yerinə lap Herakl[7 - Herakl – qədim yunan mifologiyasında qəhrəman. Haqqındakı ən məşhur rəvayət «Heraklın on iki qoçaqlığı» hekayəsidir.] da olsaydı, çoxdan yorulub əldən düşmüşdü.


Səhəri gün Barbikenin təklifi ABŞ-ın bütün böyük şəhərlərinə yayıldı. «Topçular klubu» nun başda Nyu-York, Boston, Vaşinqton, San-Fransisko olmaqla iri şəhərlərdəki üzvləri teleqraf vasitəsilə məsələdən xəbər tutdular. Birləşmiş Ştatların dörd bir yanında klubun 30 mindən çox üzvü vardı. Onların hamısı Barbikendən dəvət məktubu alsa da, çoxu iclasa gedə bilməmişdi. Odur ki dünən axşamdan intizar içində idilər. Bilmək istəyirdilər ki, sədri təcili şəkildə belə bir iclas çağırmağa hansı vacib məsələ məcbur edib. Budur, indi onlar hər şeydən məlumatlıdırlar və Barbikenin niyyətini öyrəndikdən sonra bərk həyəcanlanıblar.
Növbəti gün isə Birləşmiş Ştatların, demək olar, bütün qəzet və jurnalları «Topçular klubu» sədrinin Ayı fəth etmək fikrinə düşməsindən yazırdı. Bu yazılanları bir-birindən maraqlı suallar müşayiət edirdi: Ayda həyat əlamətləri varmı? Ayın Yerdən görünməyən hissəsində nə var? Ayda hər şey sabitdir, yoxsa orada tez-tez hansısa dəyişikliklər baş verir?
Hələlik söhbət bu göy cisminə top atmaqdan gedirdi. Lakin hər kəs başa düşürdü ki, qarşıda onları çox möhtəşəm bir təcrübə gözləyir. Bəzi yankilər qəti əmin idilər, bəziləri isə, sadəcə, ümid edirdilər ki, Ayın sirlərini açmaq amerikalılara qismət olacaq.
Qəzet və jurnalların az qala hamısı Yerin peyki ilə bağlı bütün suallara tezliklə cavab tapılacağına ürəkdən inanırdılar. Hətta Boston Təbiətşünaslıq Cəmiyyəti, Albani Elm və İncəsənət Assosiasiyası, Nyu-York Coğrafiya və Statistika Cəmiyyəti, Filadelfiya Fəlsəfə Cəmiyyəti bu işdə «Topçular klubu» na maddi dəstək belə təklif etdilər.
Gərək düzünü deyəsən: o zamanadək hələ heç bir elmi ideya bu qədər dəstək görməmişdi. Barbikenin təklifinə kimsə nə şübhə, nə də əndişə ilə yanaşırdı. Halbuki Avropada bu cür təklifləri məsxərəyə qoyan, ələ salan xeyli insan tapılardı. Amerikada isə bir nəfər də belə adam tapa bilməzdin. Çünki elə şeylər var ki, Yeni dünyada onları ələ salmaq qadağandır…

4
Hər tərəfdən Barbikenin təklifinə dəstək və alqış yağırdı. Lakin bunların heç biri onda başgicəllənməsi yaratmadı. O, tezliklə «Topçular klubu» nun üzvlərini yenidən bir araya yığdı. İclasda irəli sürülən təkliflə bağlı alimlərin rəyini öyrənmək qərara alındı. Bu məqsədlə onlara müxtəlif suallar göndəriləcəkdi. Suallara alınacaq cavablardan sonra təklifin həyata keçirilməsinə başlanılacaqdı.
Beləliklə, hazırlanan suallar dərhal Massaçusets ştatındakı Kembric şəhər rəsədxanasına göndərildi. Bunun da səbəbi vardı: orada Şimali Amerikanın ən yaxşı alimləri çalışırdı. «Topçular klubu» nun üzvləri belə bir ciddi məsələdə ancaq onlara etibar edə bilərdilər.
Səbirsizliklə gözlənilən cavab məktubu cəmi iki gün sonra artıq Barbikenin əlində idi. O, rəsədxanadan gələn məktubu böyük bir həyəcanla açıb oxumağa başladı.

«Kembric rəsədxanasının direktorundan «Topçular klubu» nun sədrinə.
Kembric şəhəri, 7 oktyabr.
Cənab sədr!
Rəsədxanamıza ünvanladığınız sualları aldıqdan dərhal sonra təcili iclas çağırdıq. İclasda aşağıdakı suallar müzakirəyə qoyuldu:
1. Top mərmisinin Aya çatması mümkündürmü?
2. Yerdən Ayadək olan dəqiq məsafə nə qədərdir?
3. Başlanğıc sürəti kifayət qədər yüksək olan bir mərmi Aya nə qədər müddətə çata bilər?
4. Mərminin hədəfə çata bilməsi üçün Ay nə zaman daha əlverişli vəziyyətdə olacaq?
5. Topu göy cisminin hansı nöqtəsinə tuşlamaq lazımdır?
6. Topdan atəş açılarkən Ay göy qübbəsinin hansı nöqtəsində yerləşəcək?
Birinci sualın cavabı: Əgər mərmiyə saniyədə on iki min yard sürət verə bilərsinizsə, o, Aya çatacaqdır.
İkinci sualın cavabı: Ay Yer ətrafında dairə deyil, ellips cızır, odur ki müxtəlif vaxtlarda müxtəlif uzaqlıqda olur. Beləliklə, o, Yerdən ən çox 247.552 mil[8 - Mil – 1609 metrə bərabər uzunluq ölçüsü], ən az 218.657 mil məsafədə yerləşə bilir».
Üçüncü sualın cavabı: Əgər mərmi saniyədə on iki min yard sürəti qoruyub saxlasaydı, o, təxminən 9 saata Aya çatardı. Lakin mərminin sürəti tədricən azalacağı üçün onun hədəfinə yetişməsindən ötrü 83 saat 20 dəqiqə lazım gələcək. Həm Yerin, həm də Ayın mərmini cəzb edəcəyini nəzərə alsaq, onu müəyyənləşdirilmiş vaxtdan 97 saat 13 dəqiqə 20 saniyə öncə atmaq lazımdır.
Dördüncü sualın cavabı: Astronomik hesablamalara görə, mərmini atmaq üçün ən uyğun tarix gələn il dekabrın 4-dür. Həmin vaxt Ay perigeydə[9 - Perigey – Günəş orbitinin Yerə ən yaxın nöqtəsi]olacaqdır.
Beşinci sualın cavabı: Mərmi 00və 280 şimal və ya cənub en dairəsinə tuşlanmalıdır.
Altıncı sualın cavabı: Atəş açılan yerdən Ayın mərkəzinə olan məsafə 640 bucaq təşkil etməlidir.
«Topçular klubu» nun üzvləri dərhal işə başlamalı və göstərilən tarixə – 4 dekabracan hazırlığı bitirməlidirlər. Əgər onlar həmin tarixi əldən versələr, oturub 18 il 11 gün gözləməli olacaqlar.
    C.M.Belfast,
    Kembric rəsədxanasının direktoru».

5
Gəlin bu yerdə Ay haqqında bir az ətraflı öyrənək. Çünki bu məlumatlar kitabımızın növbəti səhifələrində bizə məlum ola bilər.
Günəşin ətrafında səkkiz planet fırlanır. Ona məsafəcə ən yaxın olan Merkuridir. Ardıcıllıq belə davam edir: Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptun.
Bəzi planetlərin öz peykləri var: Uranla Saturnun səkkiz, Yupiterin dörd, Neptunun iki, Yerin isə bir. Yerin peyki Aydır.
Ay tarixboyu planetimizin sakinlərinin diqqətini daim özünə cəlb edib. Müsəlmanlar təqvimi Ayın Yer ətrafında fırlanması ilə hesablamağa başlayıblar. Onu müqəddəsləşdirən xalqlar da az deyil: qədim misirlilər Aya tanrı kimi baxır və onu İzida adlandırırdılar. Finikiyalılar[10 - Finikiyalılar – indiki Suriya, Livan və İsraili əhatə edən, Aralıq dənizi sahilində yerləşən qədim ölkənin əhalisi] Aya Astarta, qədim yunanlar isə Feba adını veriblər. Lakin bu xalqların heç biri selenoqrafiya[11 - Selenoqrafiya – Ayın quruluşunu, strukturunu, relyefini, təbiətini və Ayda baş verən prosesləri tədqiq edən elm sahəsi] sahəsində biliklərə malik deyildilər. Kimisi onu büllur göy qübbəsindən asılmış hərəkətsiz cisim hesab edirdi, kimisi də Günəşin bir qırıntısı sayırdı. Hətta Aristotelin şagirdi olmuş Kleark belə düşünürdü ki, Ay okeanın sularını əks etdirən cilalanmış güzgüdür.
Lakin qədimdə bir sıra astronomlar Ayla bağlı doğru mülahizələr də irəli sürüblər; məsələn, miladdan öncə 624–548-ci illərdə yaşamış yunan filosofu Miletli Fales belə bir fikir irəli sürüb ki, Ay öz işığını Günəşdən alır. Müasir elm bu fərziyyənin həqiqiliyini təsdiqləyib. Yenə miladdan öncə 310–230-cu illərdə yaşamış başqa bir yunan alimi Aristarxus Samoslu isə Ayın Yer ətrafında hərəkət dövriliyini düzgün izah etmişdi.
Bütün bu kəşflər sonrakı əsrlərdə astronomların işinə yaradı. Lakin Ayın quruluşu uzun müddət insanlara müəmmalı qalıb. 1564–1642-ci illərdə yaşamış italyan alimi Qaliley Yerin peykində orta hündürlüyü 4500 tuaza[12 - Tuaz – 1,949 metrə bərabər ölçü vahidi] çatan dağlar olduğunu deyirdi. Di gəl, XVIII əsrin sonunda Gerşel öz dövrünün ən yaxşı teleskopu sayılan cihazın köməyi ilə bu rəqəmi xeyli azaldıb. Onun fikrincə, Ayın ən hündür nöqtəsi 1900 tuazdan çox deyil. Lakin Gerşel də yanılırdı. Sonrakı yüzilliklərdə yaşayan astronomlar Ayda altı dağın orta hündürlüyünün 2600 tuazdan çox olduğunu söyləyiblər. Onların fikrincə, ən yüksək dağın hündürlüyü isə 3801 tuazdır.
Zaman keçdikcə Ayın quruluşu ilə bağlı yeni biliklər meydana çıxdı. Bu biliklərdən isə belə fikir hasil olurdu ki, Ayda hava və su yoxdur. Deməli, orada canlı varlıqlar yaşaya bilməzdilər. Əgər yaşasalar belə, onlar Yer sakinlərindən çox fərqlənməli idilər. Yəni bizdən fərqli olaraq havaya və suya ehtiyac duymamalı idilər.
Yeni müşahidə üsulları sayəsində Ayın səthi haqda dəqiq məlumatlar toplamaq mümkün olub. Bu məlumatlardan belə görünür ki, onun ümumi diametri 2150 mildir, səthi Yer kürəsinin səthindən on üç, həcmi isə qırx doqquz dəfə kiçikdir.
«Topçular klubu» nun üzvləri öz niyyətlərinə çatmaq üçün hərəkətə keçəndə Ay haqqında bundan artıq heç nə bilmirdilər.
Barbikenin təklifindən sonra isə Amerikada hamı Yerin peyki barədə danışmağa başlamışdı. İnsanlar gün keçdikcə Ay ilə bağlı daha çox şey öyrənmək, daha çox suala cavab tapmaq istəyirdilər. Uşaqdan böyüyə hər kəsin söhbətinin başlıca mövzusu Ay idi. İş o yerə çatmışdı ki, artıq ən cahil yanki belə Yerin peyki barədə nəsə bilirdi.
Bir sözlə, Birləşmiş Ştatlarda hər kəsin indi bircə məqsədi vardı: Ayı fəth etmək və ABŞ-ın ulduzlu bayrağını onun ən hündür nöqtəsinə sancmaq!

6
Kembric rəsədxanasının cavab məktubundan sonra Barbiken və yoldaşları öz məqsədlərini həyata keçirmək üçün hazırlıq işlərinə başladılar. «Topçular klubu» nun sədri işləri icra edəcək xüsusi komitə yaratdı və onun üzvlərini təyin etdi.
Komitənin ilk üç iclasında top və mərminin hazırlanması, eyni zamanda lazımi qədər barıtın əldə edilməsi müzakirə olundu. Sonda həmin işlərlə məşğul olmaq Barbikenlə yanaşı, general Morqan, mayor Elfiston və Mastona tapşırıldı. Dördnəfərlik bu qrup vaxt itirmədən «Topçular klubu» nun sədrinin evində toplaşdı.
Sözə də elə Barbiken başladı:
– Əziz həmkarlar! Bura niyə yığışdığımız aydındır. Fikrimcə, ilk olaraq Aya atacağımız mərmi məsələsini həll etməliyik. Çünki hazırlayacağımız topun ölçüsü mərminin ölçüsündən və çəkisindən asılı olacaq.
– İcazənizlə müdaxilə edim, – Maston uca səslə dedi. – Mən də sizin kimi düşünürəm. Həm də ona görə ki Aya buraxacağımız mərmi eyni zamanda bizim elçimiz olacaq.
Mastonun son sözləri hamının marağına səbəb oldu. Odur ki onu ikiqat diqqətlə dinləməyə başladılar.
– Möhtərəm həmkarlar! – Maston yenidən uca səslə dilləndi. – İzninizlə nə demək istədiyimi geniş izah edim. Zənnimcə, mərmi insan ağlının ən parlaq təzahürüdür. İnsan mərmini yaratmaqla uca yaradana daha da yaxınlaşıb. İşığın, ulduzların, kometaların, planetlərin, peyklərin, səsin, küləyin sürəti Allahın işidir. Biz isə sürətinə görə qatarı belə arxada qoyan mərmi yaratmışıq!
Maston əməllicə cuşa gəlmişdi. O, mərmiyə təriflər yağdırmaqdan usanmırdı.
– Sizə rəqəmlər lazımdır? Elə isə, buyurun, – Maston alovlu şəkildə deyirdi. – Götürək çəkisi iyirmi dörd funt olan bapbalaca bir mərmini… Bu mərmi elektrik cərəyanından səkkiz yüz min dəfə yavaş hərəkət etsə də, topdan atılarkən səsdən daha sürətlidir. O, Aya on bir günə, Günəşə on iki ilə, Neptuna isə üç yüz altmış ilə çata bilər. İnsan ağlının və əməyinin məhsulu olan bu mərmi görün nələrə qadirdir! Əgər biz onun sürətini iyirmi dəfə artıra bilsək, necə?! Bu lap möcüzə olardı!
Maston ani susdu və bayaqkından da təntənəli şəkildə dilləndi:
– Ey qüdrətli! Mən göylərin səni layiqincə qəbul etməsini arzulayıram!
Dinləyənlər Mastonun alovlu nitqinə «Ura» sədaları ilə cavab verdilər. Maston həyəcan içində kreslosuna oturdu.
– İndi isə, – Barbiken dedi, – gəlin məsələnin konkret həllinə keçək.
– Biz hazırıq, – masadakı buterbrodlara girişən digərləri onun çağırışına hay verdilər.
– Haradan başlamalı olduğumuz, fikrimcə, hər birinizə aydındır: bizdən mərmiyə saniyədə on iki min yard sürət vermək tələb olunur. Hesab edirəm ki, biz bunu bacaracağıq. Lakin əvvəlcə hazırkı mərmilərin hansı sürətlə hərəkət etdiyini öyrənmək lazımdır. General Morqan, bizə bununla bağlı məlumat verməyə hazırsınızmı?
– Məmnuniyyətlə, – general cavab verdi. – Axı mən müharibə zamanı silahları sınaqdan keçirən komissiyanın üzvü olmuşam. Hazırda ilkin sürəti saniyədə beş yüz yard olan mərmilər də var, saniyədə səkkiz yüz yard sürətlə uçan, çəkisi yarım ton olan mərmilər də…
– Belə çıxır ki, səkkiz yüz yard hazırda ən böyük ilkin sürətdir? – Barbiken soruşdu.
– Bəli, – deyə general sakitcə cavab verdi.
– Deməli, başlanğıc sürətini iyirmi dəfə artırmaq lazımdır, – «Topçular klubu» nun sədri bunu deyib fikirli halda başını qaşıdı. – Gəlin tələb olunan sürətin müzakirəsini gələn iclasa saxlayaq. Hələliksə mərminin ölçüsündən danışaq. Şübhəsiz ki, burada söhbət yarım tonluq mərmidən getmir.
– Niyə ki? – mayor soruşdu. O, yenidən nəsə demək istəyirdi ki, Maston sözünü kəsdi:
– Çünki bu mərmi çox iri olmalıdır, əks təqdirdə o, Ay sakinlərinin diqqətini çəkməyəcək.
– Əlbəttə, elədir, – Barbiken dedi. – Lakin bundan da ciddi səbəb var.
– Barbiken, açıq danışın görək, nə demək istəyirsiniz? – mayor maraqla xəbər aldı.
– Məsələ burasındadır ki, – sədr aramla izah etməyə başladı, – Aya atəş açmaq azdır, mərmi bu göy cisminə çatanacan onu müşahidə etmək də lazımdır.
– Nə?! – mayorla general bir ağızdan qışqırdılar.
– Bəli, biz mərminin hərəkətini izləyə bilməliyik. Yoxsa təcrübəmiz nəticəsiz qalacaq, – Barbiken tövrünü pozmadan soyuqqanlı şəkildə dedi.
– Elədirsə, deməli, mərmimiz düşündüyümüzdən qat-qat böyük olmalıdır, – bu dəfə mayor fikirli halda başını qaşıdı.
– Heç də! – sədr sakitcə etiraz etdi. – Bəyəm sizin müşahidə cihazlarının necə təkmilləşdirildiyindən xəbəriniz yoxdur?! Müasir teleskoplar Ayı bizə qırx mil məsafəyədək yaxınlaşdırır. Bu cür məsafədə isə uzunluğu altmış fut olan cisimləri aydınca görmək, izləmək mümkündür. Ah, əgər Ayın zəif işığı olmasaydı… Bu işimizi daha da asanlaşdırardı.
– Heç nə başa düşə bilmirəm, – general təəccüblə dilləndi. – Ayın işığı güclü olsaydı, bu nəyi dəyişəcəkdi? Yoxsa siz diametri altmış fut olan mərmi hazırlamaq istəyirsiniz?
– Qətiyyən!
– Bəlkə, onda Ay işığını daha parlaq etmək fikrindəsiniz?
– Doğru buyurdunuz.
– Əla! – Maston çığırdı. General onun belə coşqun reaksiyasına əhəmiyyət verməyib Barbikenə növbəti sualı ünvanladı:
– Ay işığını daha da parlaqlaşdırmaq? Axı necə?
– Bu çox sadədir, – sədr həmişəki təmkini ilə sözlərinə davam etdi: – Əgər atmosfer örtüyünün qalınlığını azaltsaq, Ay işığı daha parlaq ola bilər.
– Məncə, bu, ağlabatandır, – Elfiston razılaşdı.
– Biz bu cür nəticəyə nail olmaq üçün teleskopu hündür dağda yerləşdirməliyik, – Barbiken təklifini bir az da konkretləşdirdi.
– Mən təslim, – mayor dedi. – Cənab sədr, siz istənilən qəliz məsələni sadələşdirməkdə ustasınız!.. Bəs bu yolla Ay işığının parlaqlığını nə qədər çoxaltmaq fikrindəsiniz?
– Qırx səkkiz min dəfə! – Barbiken cavab verdi. – Onda biz Ayı sanki beş mil məsafədə görəcəyik. Bu məsafədənsə uzunluğu doqquz futa çatan cisimləri görmək mümkündür.
– Lakin icazənizlə deyim ki, – mayor Elfiston bu dəfə etiraz etdi, – belədə mərminin çəkisi həddən artıq böyük olacaq. Bu isə o deməkdir ki…
– Mayor! – Barbiken heç kimin gözləmədiyi halda amiranə səslə onun sözünü kəsdi. – Mərminin çəkisini müzakirə etməzdən öncə yadınıza salım ki, bizdən əvvəlkilər bu sahədə misilsiz möcüzələr yaratmağa nail olublar. Elə isə, biz özü də ballistikanın günbəgün inkişaf etdiyi bir vaxtda niyə möcüzə yarada bilməyək?!
– Söylədiklərinizi sübut edin! – Maston hərarətlə çığırdı.
– Bundan asan nə var ki! – Barbiken yenidən sakit səslə dedi. – Sizə bir neçə nümunə gətirə bilərəm: 1453-cü ildə II Mehmet[13 - I Mehmet – 1299–1923-cü illərdə mövcud olmuş Osmanlı dövlətinin 7-ci padşahı Fateh Sultan Mehmet. 1453-cü ildə 21 yaşında Konstantinopolu (indiki adı İstanbul) fəth edərək min əsrlik yaşı olan Bizans imperatorluğunun varlığına son qoymuşdur.] Konstantinopolu mühasirəyə alarkən Osmanlı toplarının atdığı mərmilərin çəkisi min doqquz yüz funta çatırmış.


– Paho! – mayor ucadan dilləndi. – Min doqquz yüz funt!
– Bəs dövrümüzdə nə baş verir? – Barbiken davam etdi: – Bəzi toplar çəkisi, sadəcə, beş yüz funt olan mərmilər, bəziləri isə yarım tonluq mərmilər atırlar. Belə çıxır ki, bu gün mərmilərin uçuş məsafəsi artıb, ancaq çəkisi azalıb. Biz indi Osmanlı mərmilərinin çəkisini on qat artırmağa nail olmalıyıq. Başqa yol yoxdur.
– Bəs hazırlayacağımız mərmi üçün hansı metaldan istifadə olunmasını təklif edirsiniz?
– Zənnimcə, çuqundan, – general Morqan dedi.
– Tfu!.. – Maston dərin nifrətlə dilləndi. – Ay belə materialdan hazırlanmış mərmiyə qətiyyən layiq deyil.
– Dostum, bu qədər də tələbkar olmağa gərək yoxdur, – Morqan dedi. – Bir halda ki çuqun işimizə yarayır, qoy olsun!
– Bir dəqiqə! – mayor Elfiston qəfildən söhbətə qarışdı. – Mərminin çəkisi onun həcminə mütənasibdir. Belə çıxır ki, diametri doqquz fut olan mərminin çəkisi də kifayət qədər çox olacaq.
– Hə, əgər o, bütöv olarsa, – Barbiken cavab verdi, – və yox, əgər onun içi boş olarsa.
– İçi boş! Söhbət bombadan gedir?
– Bəli, bombadan! – sədr təsdiqlədi. – Bizə bomba lazımdır! Mən onun çəkisinin iyirmi min funt olmasını təklif edirəm.
– Bəs divarlarının qalınlığı nə qədər olmalıdır? – mayor soruşdu.
– Nisbətlərdən çıxış etsək, – Morqan dedi, – yüz səksən düym[14 - Düym – 2,54 sm-ə bərabər uzunluq vahidi] diametrlik mərminin divarlarının qalınlığı haradasa iki fut olmalıdır.
– Bu, həddən artıq çoxdur, – Barbiken dilləndi. – Mərminin divarları barıt qazlarının təzyiqinə tab gətirməlidir. Beləcə, çuqun bombanın çəkisinin iyirmi min futdan çox olmaması üçün divarların qalınlığı nə qədər olmalıdır? Maston indi bizim üçün bunu hesablayar.
– Bundan asan nə var ki! – Maston bunu söyləyib cəld hesablamağa başladı və çox keçmədən nəticəni açıqladı: – Divarların qalınlığı cəmi iki düym olacaq!
– Məgər bu, kifayətdir? – mayor şübhə içində soruşdu.
– Yox, – Barbiken cavab verdi. Azca fikirləşib əlavə etdi: – Zənnimcə, başqa bir metaldan istifadə etməliyik.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/zhul-vern/aya-s-yah-t-68289877/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes
Примечания

1
Mortira – qısalüləli top

2
Kolumb – Amerika qitəsini kəşf edən məşhur səyyah Xristofor Kolumb (1451–1506) nəzərdə tutulur.

3
Yard – 81 sm-ə bərabər olan ingilis uzunluq ölçüsü

4
Reflektor – İşıq mənbəyindən çıxan şüaları əks etdirən cihaz

5
Selenit – Ayda yaşayan xəyali adam

6
Ballistika – mərminin silahın lüləsi içərisində və bu lülədən çıxdıqdan sonrakı hərəkət qanunlarını tədqiq edən elm

7
Herakl – qədim yunan mifologiyasında qəhrəman. Haqqındakı ən məşhur rəvayət «Heraklın on iki qoçaqlığı» hekayəsidir.

8
Mil – 1609 metrə bərabər uzunluq ölçüsü

9
Perigey – Günəş orbitinin Yerə ən yaxın nöqtəsi

10
Finikiyalılar – indiki Suriya, Livan və İsraili əhatə edən, Aralıq dənizi sahilində yerləşən qədim ölkənin əhalisi

11
Selenoqrafiya – Ayın quruluşunu, strukturunu, relyefini, təbiətini və Ayda baş verən prosesləri tədqiq edən elm sahəsi

12
Tuaz – 1,949 metrə bərabər ölçü vahidi

13
I Mehmet – 1299–1923-cü illərdə mövcud olmuş Osmanlı dövlətinin 7-ci padşahı Fateh Sultan Mehmet. 1453-cü ildə 21 yaşında Konstantinopolu (indiki adı İstanbul) fəth edərək min əsrlik yaşı olan Bizans imperatorluğunun varlığına son qoymuşdur.

14
Düym – 2,54 sm-ə bərabər uzunluq vahidi
Aya Səyahət Жюль Верн

Жюль Верн

Тип: электронная книга

Жанр: Научная фантастика

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Aya Səyahət, электронная книга автора Жюль Верн на азербайджанском языке, в жанре научная фантастика

  • Добавить отзыв