93-cü il
Viktor Hüqo
Dünya ədəbiyyatından seçmələr
Əsərin qəhrəmanlarından biri – Lantenak köhnə rejimin (monarxiyanın), qardaşı nəvəsi Simurden isə respublikanın tərəfdarıdır. Roman onların timsalında bu iki ideya arasındakı amansız mübarizədən bəhs edir.
Viktor Hüqo
93-cü il
Nəşriyyatdan
Bu romandakı hadisələr 1793-cü ildə Fransada, ölkənin qərbində yerləşən Vandeya ərazisində cərəyan edir. Həmin il bu vilayətdə yeni yaranmış respublika hakimiyyətinə qarşı silahlı üsyan başlamışdı. Romanda da elə bu üsyanın ilk aylarında baş verən hadisələr təsvir olunur. Üsyan artıq vətəndaş müharibəsinə gətirib çıxarmışdır.
Əsərdəki epizodlar mühüm tarixi hadisələr fonunda baş versə də, baş qəhrəmanlar müəllif tərəfindən düşünülmüş bədii obrazlardır. Bununla yanaşı, əsərdəki obrazlar arasında bir sıra tarixi şəxsiyyətlərə də (Marat, Danton, Robespyer) rast gəlmək mümkündür.
İnqilab, vətəndaş müharibəsi insanların qəlbini daşa döndərir, onlar siyasi ideyalara görə həyatda ən çox sevdikləri insanlara belə qəsd edirlər. Belə bir mürəkkəb vəziyyətdə insana qarşı mərhəmət, şəfqət hissi xarakteri səciyyələndirmək üçün əsas meyara çevrilir.
Əsərdə mübarizə göylər (respublika tərəfdarları) və ağlar (monarxiya tərəfdarları) arasında getsə də, əsas konflikt qəddarlıqla mərhəmət arasında baş verir.
1
1793-cü il may ayının sonlarında Paris milli qvardiyasının batalyonlarından biri Sodrey meşəsində axtarış aparırdı. Dəstədə üç yüzdən bir az çox adam qalmışdı. Şiddətli döyüşlər onların sıralarını xeyli seyrəltmişdi. Əsgərlər tələsmədən hər tərəfə göz yetirərək addımlayırdılar.
Birdən qarşıdan, ağacların arasından şıqqıltı səsi gəldi. Dəstənin öndə gedən əsgərləri dayandılar və arxadakılara da dayanmaq işarəsi verdilər. Əsgərlər əlləri tətikdə həmin yeri mühasirəyə aldılar. Kəşfiyyatçılar serjantın əmrinə bənd idilər. Ancaq markitant[1 - Markitant – XVIII-XIX əsrlərdə orduda yeyinti şeyləri satan] qadın icazəsiz-filansız kolluğa sarı atıldı. Serjant «Atəş!» əmri vermək istəyirdi ki, markitantın səsi eşidildi:
– Dayanın! Atmayın!
Kolların arasında bir qadın və üç uşaq vardı. Ana uşaqlardan ən kiçiyinə – körpəyə süd verirdi.
– Sizin burada nə işiniz var? – markitant qadın səsləndi.
Qadın başını qaldırdı. Uşaqlar ağlaşdılar.
Markitant qadın səsini yumşaltdı:
– Qorxmayın! Biz «Qırmızıpapaq» batalyonundanıq! Bəs sən kimsən?
– Mən Mişel Fleşaram, – qadın zorla pıçıldadı.
– Hardan gəlib hara gedirsiniz? – serjant soruşdu.
Qadın kəkələdi:
– Kəndimizi yandırdılar. Zorla canımızı qurtardıq. Heç ayaqqabımı da geyinə bilmədim.
Markitant qadın körpənin başını sığallayıb adını soruşdu.
– Jorjetta, – ana cavab verdi.
– Bəs böyüyün? Özü də dəcəl oğlana oxşayır.
– Onun adı Rene-Jandır.
– Bəs kiçiyin?
– Qro-Alen.
– Ərin nə işlə məşğuldur? – serjant soruşdu.
– O döyüşürdü.
– Kim uğrunda?
– Kral uğrunda. Ancaq ərimi öldürdülər.
Markitant qadın mülayim səslə dedi:
– Əzizim, biz parisliyik. Siz heç nədən qorxmayın. Bizim batalyona qoşulun. Sizə iş verərik. Döyüş zamanı əsgərlərə su, şərab daşıyarsınız.
Serjant Radub cibindən bir parça qara çörək çıxarıb anaya uzatdı. Qadın çörəyi bölüb iki uşağa verdi. Uşaqlar acgözlüklə çörəyi yeməyə başladılar.
Qadın öz bədbəxt taleyi haqqında uzun-uzadı danışmağa başladı. Əsgərlər dövrə vurub ona qulaq asırdılar.
Nəhayət, serjant dikəldi, yanağından göz yaşı süzülürdü.
– Yoldaşlar, – o dedi, – bundan sonra bizim batalyon ata olmalı, bu üç uşağı övladlığa götürməlidir. Razısınız?
Əsgərlər:
– Yaşasın Respublika! – deyə bağırdılar.
2
1793-cü ilin yazında günbatana yaxın La-Manş boğazının Cersi adasındakı balaca, tənha limandan bir korvet[2 - Korvet – yelkənli hərbi gəmi] yola düşməyə hazırlaşırdı. Gəmi fransız komandası tərəfindən idarə edilsə də, ingilis hərbi donanmasına daxil idi. «Kleymor» adlı korvetə xüsusi tapşırıq verilmişdi. Bu məqsədlə korvetə otuz ədəd irikalibrli karonada[3 - Karonada – qısalüləli qədim artilleriya topu] yüklənmişdi. Gəmidəkilər krala sədaqətli əsgərlər idi.
Gəmi yola düşməzdən bir az əvvəl göyərtəyə ucaboy, gümrah, sərt baxışlı bir qoca qalxdı. Əynində Bretan[4 - Bretan – Fransanın şimal-qərbindəki yarımadada yerləşən əyalət] kəndlisinə məxsus paltar olan qoca başına kənarları enli şlyapa qoymuşdu. «Kleymor»un ekipajı bu sərnişinə dərhal «kəndli» ləqəbi verdi.
Bir saatdan sonra təcili poçt gəmisi ilə qraf de Artuaya[5 - Qraf de Artua – Fransa kralı XVI Lüdovikin qardaşı] aşağıdakı məzmunda məktub göndərildi.
«Zati-aliləri! Gəmi yola çıxdı. Qələbə bizimlədir. Bir həftədən sonra Qranvildən ta Sen-Maloya qədər bütün sahil alova bürünəcək».
Dörd gün əvvəl isə Qranvildəki orduya baş çəkməyə gələn Marna[6 - Marna – Fransanın şimal-şərqində yerləşən, Qrand Est regionunun departamentlərindən (inzibati şöbə) biri] nümayəndəsi Priyor gizli bir məktub almışdı. Məktubda deyilirdi:
«Vətəndaş nümayəndə! İyunun 1-də toplar gizlədilmiş hərbi «Kleymor» korveti dənizə çıxacaq. O, Fransa sahilinə bir adam düşürməlidir. Adamın əlamətləri belədir: qoca, ucaboy, saçları ağ, əynində kəndli paltarı. O, gəmidən ayın 2-də səhər tezdən düşəcək. Eskadranıza xəbər verin, korveti tutun. Bu adamın gilyotində[7 - Gilyotin – 1792-ci ildə Fransa burjua inqilabı zamanı doktor J.Gilyoten tərəfindən ixtira edilən edam maşını] başının vurulmasını əmr edin».
3
Ümid etmək olardı ki, korvet səhər hava işıqlananda Fransa sahilinə yetişə bilər. Lakin çox keçmədi ki, külək qalxdı. Gəmiyə minmiş «kəndli» təmkinini pozmadan, arxayın və möhkəm dənizçi yerişi ilə göyərtədə gəzişirdi.
Bu zaman göyərtənin altından bağırtılar eşidildi.
Kapitan və onun köməkçisi səs gələn tərəfə yüyürsələr də, aşağı enmək mümkün olmadı. Çünki heyət üzvləri bir-birini itələyə-itələyə tələsik yuxarı qalxırdılar.
Dəhşətli hadisə baş vermişdi. Batareya toplarından biri – qumbara atan karonada zəncirdən qopmuşdu. Top bilyard şarı kimi sağa-sola yuvarlanır, qarşısına çıxan canlı-cansız hər şeyi məhv edirdi. Dəyən zərbələr gəminin divarlarında deşiklər açırdı.
Hamı çarəsizcəsinə susub sonluğu gözləyirdi. Birdən əlində dəmir ling tutmuş bir adam göründü. Bu, fəlakətin günahkarı, zənciri qopmuş karonadanın topçusu idi. O, səhvini düzəltməyə girişdi: bir əlində ling, digərində isə ucu ilgəkli kəndir hazır vəziyyətdə dayanıb topun yaxınlığından keçməsini gözləyir, onu «cilovlamağa» hazırlaşırdı. Birdən karonada ona doğru diyirləndi. Bu vaxt topçunun köməyinə indiyəcən hərəkətsiz dayanmış qoca sərnişin çatdı. O, yaşına uyğun olmayan cəldliklə yerdən nəsə götürüb topun təkəri altına atdı. Topun qarşısına sanki çəpər çəkildi. Bu zaman topçu dəmir lingi cəld arxa təkərin arasına saldı. Top yana əyilərək dayandı. Gəmidəkilər əllərində kəndir və zəncir aşağı atıldılar. Bir dəqiqədən sonra top artıq yerinə bərkidilmişdi.
Topçu minnətdarlıqla qoca sərnişinə baxırdı…
4
Hava dəyişmiş, ətrafa qatı duman çökmüşdü. Gəmi küləyin təsiri ilə istiqamətini dəyişib cənuba doğru gedirdi.
Gəminin heyəti deşikləri tıxayır, salamat qalan topları zəncirlə yerinə bağlayırdı. Lazımsız əşyalar dənizə atılırdı. Bu zaman qoca sərnişin yuxarı qalxdı.
Gəmi kapitanı qraf Buabertlo qocaya hərbi salam verib topçunu ona təqdim etdi:
– Cənab general, etdiyi fədakarlıq üçün komandanlıq onu mükafatlandırmaq istəyir.
Topçu bir addım irəli gəldi.
Qoca qrafa tərəf döndü. Onun döşündən Müqəddəs Lüdovik ordenini çıxarıb topçunun mundirinin yaxasına taxdı.
Dənizçilər:
– Ura! – deyə bağırdılar.
Bu zaman qoca sevincdən başını itirmiş topçunu barmağı ilə göstərərək dedi:
– İndi isə onu güllələyin!
Sevinc qışqırıqları havada donub-qaldı.
Qoca sözünə davam etdi:
– Bu adamın ehtiyatsızlığı az qala gəmini məhv edəcəkdi. Mərdlik təltif edilməli, xəta isə cəzalandırılmalıdır.
Sonra əsgərlərə baxıb əmr etdi:
– Hökmü yerinə yetirin!
Yaxasında Müqəddəs Lüdovik ordeni olan topçu başını aşağı saldı.
Bir neçə dəqiqədən sonra qaranlıqda atəş səsləri eşidildi. Hökm yerinə yetirilmişdi.
Dumandan göz gözü görmürdü, üstəlik də tufan qalxmışdı. Zədələnmiş gəmi nəhəng dalğaların zərbələrinə tab gətirə bilməyəcəkdi. Uzaqda səkkiz gəminin yelkənləri ağarırdı. «Kleymor» lövbər salıb dayandı. Qüvvələrin qeyri-bərabər olması səbəbindən gəmi məhv olmağa məhkum idi.
5
Qoca sərnişin özünəməxsus təmkinlə baş verənləri müşahidə edirdi. Qraf Buabertlo ona yaxınlaşdı.
– Cənab general, – dedi, – biz eskadra ilə sualtı qayaların arasında tələdəyik. Dalğalara təslim olmaqdansa, döyüşdə ölmək yaxşıdır. Lakin ölmək sizin yox, bizim vəzifəmizdir. Sizin isə Vandeya üsyanına rəhbərlik etmək kimi böyük vəzifəniz var. Sizin ölümünüz monarxiyanın da məhvi deməkdir. Mən sizə qayıq və avarçəkən verərəm. Başqa yolla sahilə çıxmaq mümkün deyil.
Qoca başı ilə razılıq işarəsi verdi. Qraf Buabertlo ucadan bağırdı:
– Əsgərlər və dənizçilər! Bir sərnişin kimi gəmidə apardığımız bu adam kralın nümayəndəsidir. O, Vandeyanın əsgərlərinə rəhbərlik etmək üçün Fransa sahillərinə çıxmalıdır. Bizim sərnişini kim aparmaq istəyir?
Qaranlıqdakı cərgədən bir adam irəli çıxıb dedi:
– Mən.
6
Bir neçə dəqiqədən sonra içərisində iki adamın – qoca sərnişin və avarçəkənin olduğu balaca qayıq suya salındı. Dənizçi göstərişini yerinə yetirərək Menke tərəfə səylə avar çəkirdi. Özləri ilə azca ərzaq: bir kisə suxarı, bir parça qaxac ət və balaca bir çəlləkdə su götürə bilmişdilər.
Qayıq külək və dalğaların arasında görünməz oldu.
Yalnız bundan sonra kapitan üzünü heyətə tutub dedi:
– Əlahəzrət kralın dənizçiləri! Orta dorağacında ağ bayraq qaldırın. Biz axırıncı dəfə günəşi qarşılayacağıq.
– Yaşasın kral! – cərgədəki ekipaj üzvləri bağırdılar. Və korvetdən top atəşi açıldı.
Məsafənin uzaqlığına baxmayaraq az qala elə həmin an qarşı tərəfdən başqa səs eşidildi:
– Yaşasın Respublika!
Üç yüz topdan açılan yaylım atəşi dənizi lərzəyə saldı. «Kleymor» eyni zamanda səkkiz iri gəmiyə atəş açdı.
Qayıqda oturanlar susurdular. Menke qayalığının dar boğazından açıq dənizə çıxmaq lazım idi. Avarçəkən bunu çox məharətlə bacardı. Birdən o, başını qaldırıb qocanın gözlərinin içinə baxaraq dedi:
– Monsenyor, mən sizin əmrinizlə güllələnən topçunun qardaşıyam.
Qoca başını yavaş-yavaş qaldırıb ondan soruşdu:
– Məndən nə istəyirsən?
Dənizçi cavab verdi:
– Sizi öldürmək istəyirəm.
– Nə üçün?
Dənizçinin gözləri parıldadı.
– Bayaq dedim. Mənim qardaşımı öldürdüyünüz üçün.
Qoca sakitcə etiraz etdi:
– Mən əvvəlcə onun canını qurtardım.
– Hə, doğrudur, monsenyor, əvvəlcə qurtardınız, sonra öldürdünüz.
– Onu mən öldürmədim.
– Bəs kim öldürdü?
– Öz təqsiri. Sənin adın nədir?
– Mənim adım Qalmalodur. Ölümə hazırlaşmaq üçün sizə bir dəqiqə vaxt verirəm.
– Mənə nə üçün «monsenyor» deyirsən?
– Çünki aydındır ki, siz ağasınız.
– Sənin ağan varmı?
– Bəli. Özü də adlı-sanlı ağadır. Məgər ağasız yaşamaq olar?
– Bəs indi o haradadır?
– Bilmirəm. O bizim yerlərdən qaçıb. Adı markiz de Lantenakdır. Bretan şahzadəsidir. «Yeddi meşə» malikanəsi onundur. Mən onu heç vaxt görməmişəm. Lakin bu onun mənim ağam olmasına mane olmur.
– Sən onu görsəydin, sözünə qulaq asardınmı?
– Əlbəttə! Biz Allaha və krala itaət etməyə borcluyuq. Lakin indi bu söhbətlərin yeri deyil. Siz mənim qardaşımı öldürmüsünüz, mən də sizi öldürməliyəm.
– Qulaq as! – qoca dedi. – Sənin qardaşın öz vəzifəsini düzgün yerinə yetirə bilmədiyindən bədbəxtlik baş verdi. Korvet düşmən donanmasına rast gəldi, biz də Fransa sahilinə çıxa bilmədik. Biz əlimizdə qılınc və ağ bayraq Vandeyanın sədaqətli kəndlilərinə köməyə getməliydik. Fransanı qurtarmaq üçün! Kralı qurtarmaq üçün! İndi yeganə salamat qalmış adam mənəm, mən də bunun üçün gedirəm. Sən isə mənim yolumu kəsirsən. İndi ixtiyar səndədir. Öldür məni!
Dənizçinin rəngi qaçmışdı. Alnında iri tər damcıları görünürdü. Qoca susduqda o, tapançanı yerə atıb diz çökdü.
– Bağışlayın, monsenyor! – deyə göz yaşları içində səsləndi. – Mən sizin ixtiyarınızdayam! Əmr edin! Bütün əmrlərinizi yerinə yetirməyə hazıram!
– Mən səni bağışlayıram, – qoca dedi.
7
Otuz altı saatdan sonra onlar artıq sahilə yaxınlaşmışdılar. Qalmalo mahir dənizçi idi. Bacardıqca sahilə yaxın sürüb qayığı quma oturtdu.
Qalmalo soruşdu:
– Necə əmr edirsiniz, monsenyor: irəlidə gedib sizə yol göstərim, yoxsa arxanızca gəlim?
– Heç biri lazım deyil, – qoca dedi. – Hərəmiz bir tərəfə getməliyik. Sən buranın meşələrini tanıyırsan?
– Mən burada hər yeri tanıyıram.
– Qulaq as, Qalmalo. Sən sağa gedərsən, mən sola. Silahını gizlət. Çəpərdən özünə bir paya çıxar. Əvvəlcə Sent-Oben meşəsinə girərsən. Orada dərənin kənarında böyük bir şabalıd ağacı var. Bu ağacın altında dayan. Bayquş kimi ulayıb siqnal verərsən. Bizim parolumuz belədir: «Silah başına! Kimsəyə aman verməməli!» Demək, dərədə üç dəfə siqnal verərsən. Sonuncu siqnalı verdikdə sanki yerin altından bir adam çıxacaq. Bu adam Planşenodur, ləqəbi də «Kral qəlbi»dir. Sən bu kokardanı[8 - Kokarda – hərbçi papağına vurulan nişan] ona göstərərsən. Daha sonra meşələri dolaşıb orada gizlənən monarxistlərlə danışarsan. Sən La-Turq qəsrini tanıyırsanmı?
– Əlbəttə. Bu ki mənim ağalarımın ata-baba qəsridir. Orada yeraltı yol da var. Bu yolun olduğunu məndən başqa heç kim bilmir. Onu mənə atam göstərmişdi. Mən meşədən qülləyə qalxa bilərəm. Qüllədən də meşəyə elə qayıdaram ki, heç kəs məni görməz.
Qoca bir müddət susdu.
– Sən, yəqin, yanılırsan. Orada belə bir yol olsaydı, mən bilərdim.
– Monsenyor, mənə inanın. Divarda bir daşı çevirmək lazımdır.
Qoca, deyəsən, inanmadı.
– Yaxşı, – dedi, – boş yerə vaxt itirməyək. Sonra Monşevriye meşəsinə gedərsən. Ordan hərbi düşərgəyə keçərsən. Üzü qara adamlar görəcəksən. Onlar qəsdən üzlərinə his sürtürlər. Tapşırığımı onlara yetirərsən. Sonra isə digər düşərgələrə baş çəkər və hamısına parolumu çatdırarsan. Özün isə katolik kral ordusuna qoşularsan. Sağ qalmış bütün sərkərdələrlə görüşərsən. Mənim kokardamı göstər. Onlar bunun nə olduğunu bilirlər. Bu ayın axırına qədər mənim meşədə gizlənmiş beş yüz min əsgərim olmalıdır. Respublika ordusu – mənim şikarımdır. Bir də onlara de ki, ingilislər də bizimlədir. İnqilabı boğmaq lazımdır. Tapşırıqlarımı yerinə yetirə bilsən, sənə Müqəddəs Lüdovik ordeni verəcəyəm.
8
Qalmalo gözdən itənə qədər qoca yerindən tərpənmədi. Sonra bürüncəyinə bürünüb yola düzəldi. Çox hündür bir təpəyə qalxmağa başladı. Buradan bütün ətraf ovuc içi kimi görünürdü. Qoca uzaqlara baxmağa başladı. Kilsə zəngləri gecənin sükutunu pozurdu. Bu nə zəng səsləri idi? Yəqin, həyəcan zəngi çalırdılar. Bəs, görən, həyəcan zəngləri kimin üçün səslənirdi?
Bu dəmir iradəli adam diksindi.
Yox, ola bilməz ki, onu axtarsınlar. Onun burada olduğunu necə biliblər? Ola bilməz ki, kimsə bunu respublikaçılara xəbər versin. Axı sahilə bir az bundan qabaq çıxıb. Korvetdən isə, yəqin ki, heç kim xilas ola bilməyib.
Artıq bir neçə dəqiqə idi ki, başının üstündə və arxada xışıltı eşidirdi. Əvvəlcə buna fikir vermədi, lakin səs dayanmadığı üçün geri döndü. Bir parça kağız idi. Külək sütuna yapışdırılmış kağızı yellədirdi. Yazı iri hərflərlə çap edilmişdi ki, oxuna bilsin:
«FRANSA RESPUBLİKASI VAHİD VƏ BÖLÜNMƏZDİR!
BİZ – MARNA NÜMAYƏNDƏSİ PRİYOR VƏ ŞERBURQ SAHİL ORDUSUNUN KOMİSSARI ƏMR EDİRİK: ÖZÜNÜ BRETAN ŞAHZADƏSİ ADLANDIRAN, XƏLVƏTCƏ QRANVİLDƏ FRANSA SAHİLLƏRİNƏ ÇIXMIŞ SABİQ MARKİZ DE LANTENAK QANUNDANKƏNAR ELAN OLUNUR. ONUN BAŞINA QİYMƏT QOYULUB. ONU HÖKUMƏTƏ ÖLÜ, YAXUD DİRİ TƏHVİL VERƏN ADAMA ALTMIŞ MİN LİVR[9 - Livr – 1799-cu ildə frank dövriyyəyə buraxılana kimi Fransanın pul vahidi] VERİLƏCƏK. BU PUL ƏSGİNAS İLƏ DEYİL, QIZIL İLƏ ÖDƏNİLƏCƏK! ŞERBURQ ORDUSUNUN BİR BATALYONU TƏCİLİ SURƏTDƏ YUXARIDA ADIÇƏKİLƏN MARKİZ DE LANTENAKI AXTARMAĞA GÖNDƏRİLİR. KƏND İCMALARI ƏSGƏRLƏRƏ YARDIM ETMƏYƏ ÇAĞIRILIR. QRANVİL, 2 İYUN 1793-cü İL.
İmza: Marna nümayəndəsi Priyor».
Qoca şlyapasını gözünün üstünə basaraq bürüncəyini düymələdi və iti addımlarla təpədən aşağı endi.
Ətrafda heç kim görünmürdü. Lakin yolayrıcına çatanda kimsə onu səslədi:
– Hara gedirsiniz?
Qoca dönüb baxdı. Arxasında onun kimi ucaboy, qoca və saçları ağarmış bir adam dayanmışdı. Ancaq geyimindən yoxsulluq yağırdı.
– Yaxşısı budur, siz deyin, mən haradayam? – qoca təkəbbürlə cavab verdi.
– Siz Tanis mülkündəsiniz. Mən buranın dilənçisiyəm, siz isə buranın ağasısınız.
– Mən?
– Elədir ki var, cənab markiz de Lantenak.
Markiz de Lantenak (biz bundan sonra onu belə adlandıracağıq) halını pozmadı:
– Deməli, məni ələ verə bilərsiniz.
– İkimiz də burada öz evimizdəyik: siz – qəsrdə, mən – meşədə. Siz Erb-en-Peyl fermasına gedirsiniz? Ora getməyin.
– Niyə?
– Orada göy mundirlilər peyda olub.
– Çoxdan?
– Üç gün olar.
– Fermadakılar, qəsəbə sakinləri, yəqin, onlara müqavimət göstəriblər?
– Yox, darvazanı onların üzünə açdılar.
– Bəs belə, – markiz mızıldandı. – Deyəsən, həyəcan zəngi çalırlar. Görəsən, nə ilə bağlıdır?
– Əlbəttə, sizinlə bağlıdır. Sizi axtarırlar… Gedək mənim hücrəmə. Bilirsiniz, cənab markiz, mənim hücrəm kasıb olsa da, etibarlıdır. Orda yatıb dincələrsiniz, sabah səhər göy mundirlilər çıxıb gedərlər, siz də istədiyiniz yerə üz tutarsınız.
Markiz bu adamı başdan-ayağa süzdü.
– Siz kimsiniz? – soruşdu. – Respublikaçısınız, yoxsa monarxist?
– Mən dilənçiyəm.
– Başıma qiymət qoyulduğundan, məni ələ verənin altmış min livr alacağından da, yəqin, xəbəriniz var?
– Sizi görəndə öz-özümə dedim: «Bu adamı ələ verən böyük sərvət sahibi olacaq. Onu tezliklə gizlətmək lazımdır!»
Markiz dilənçinin arxasınca getdi.
Onlar meşənin dərinliyinə girdilər. Dilənçinin qazması orada idi. İri palıd ağacının kökləri altındakı qazma alçaq və qaranlıq idi.
– Sizin adınız nədir? – markiz soruşdu.
– Adım Telmarşdır, ancaq məni «Səfil» deyə çağırırlar. Başqa bir ləqəbim də var – «Qoca». Çünki mən heç vaxt gənc olmamışam.
– Siz məni xilas edirsiniz.
– Monsenyor, yalnız… – Telmarşın səsi sərtləşdi: – …bir şərtlə ki, bura pis iş görməyə gəlməmisiniz.
– Mən yaxşı iş üçün gəlmişəm, – markiz cavab verdi.
– Çox yaxşı. İndi yataq.
Onlar bir-birinə sığınaraq dəniz yosunlarının üstündə yatdılar.
9
O, yuxudan ayılanda hava işıqlaşırdı. Dilənçi qazmanın çıxışında əlindəki dəyənəyə söykənib dayanmışdı.
– Monsenyor, Tanisdəki zəng qülləsində indicə saat 4-ü vurdu, – dilənçi dedi. – Başqa səs eşidilmir, demək, fermada sakitlikdir. Göy mundirlilər ya gediblər, ya da yatırlar. Təhlükə az-çox sovuşub. Daha ayrılsaq yaxşıdır.
Az sonra markiz meşədən çıxıb daş xaç olan yolayrıcına tərəf döndü. Kağız hələ də yerində idi. Yenə, özü də bu dəfə daha diqqətlə oxudu. Yalnız bu zaman əmrin altında kiçik, güclə sezilən hərflərlə cəza dəstəsinin rəisi Qovenin də adının yazıldığını və imzasının olduğunu görə bildi.
– Qoven! – dərin düşüncəyə dalmış halda bir neçə dəfə təkrar etdi.
Yuxarıda – Erb-en-Peyl ferması tərəfdə qəfil səs-küy eşidildi. Orada nə baş verirdi? Tərəddüd içində olduğu vaxt bir dəstə adamın çığıra-çığıra meşəyə tərəf yüyürdüyünü gördü.
– Lantenak! Lantenak! Markiz de Lantenak!
Onu axtarırdılar.
Markiz şlyapasını başına qoyub irəliyə doğru addımladı.
– Mən sizin axtardığınız adamam… – dedi. – Mən kral ordusunun general-leytenantı markiz de Lantenakam.
Əlləri ilə meşin pencəyinin yaxasını dartıb sinəsini açdı.
Bu vaxt hər yerdən səslər eşidildi:
– Yaşasın Lantenak! Yaşasın general!
Şlyapalar sevinclə havaya atıldı. Adamlar onu görən kimi diz çökdülər. Bir nəfər yaraşıqlı oğlan dəstədən ayrılıb iri addımlarla markizə doğru gəldi. Şlyapasını yerə atıb əlindəki qılıncı ona uzadaraq dedi:
– Biz sizi axtarırdıq. Baş komandanın qılıncı budur. Bu adamlar sizin tabeliyinizdədir. Mən onların komandiri idim. Adım Qavardır. İndi siz əmr edin, general.
Hamı bir nəfər kimi ayağa qalxdı. Onların sevinc dolu hayqırtıları meşəyə yayıldı:
– Yaşasın kral! Yaşasın bizim markiz! Yaşasın Lantenak!
Markiz Qavara tərəf döndü:
– Neçə nəfərsiniz?
– Yeddi min.
– Eşitdiyimə görə, fermadakılar, qəsəbə sakinləri göy mundirliləri yaxşı qəbul ediblər.
– Elədir ki var, general. Onun üçün də fermanı yandırdıq.
– Qəsəbəni də yandırdınız?
– Yox, monsenyor.
– Onu da yandırın.
– Göylər özlərini müdafiə etmək istədilər, lakin onlar cəmisi yüz əlli nəfər idi, biz isə yeddi min. Bayraqlarının üstünə: «Qırmızıpapaq batalyonu» yazılmışdı.
– Demək, yırtıcılardı.
– Yaralılarla necə davranaq, general?
– Yaralıları, əsirləri güllələyin.
– Aralarında iki qadın var.
– Qadınları da güllələyin.
– Üç uşaq da var.
– Uşaqları özünüzlə götürün. Sonra baxarıq.
10
Dilənçi Telmarş Krollona tərəf gedirdi. Meşənin yaxınlığında Erb-en-Peyl fermasının üstündən tüstü qalxdığını gördü. Telmarş yorulsa da, nə baş verdiyini bilmək istəyirdi. Yolunu dəyişib fermaya doğru getməyə başladı. Yaxınlaşanda gördüyü mənzərədən heyrətə düşdü, bir anlıq donub-qaldı. Erb-en-Peyl tamamilə yanıb xarabalığa dönmüşdü. Fermanın darvazasına yaxınlaşıb həyətə baxanda daha dəhşətli mənzərənin şahidi oldu. Burada insan adına kimsə qalmamışdı, hamını amansızlıqla öldürmüş, silahını, ayaqqabılarını çıxarıb aparmışdılar. Bu zaman qocanın gözü alçaq hasarın tinindən çıxan dörd ayağa sataşdı. Telmarş yaxına getdi. İki nəfər güllələnmiş qadın yanaşı uzadılmışdı. Telmarş onların üzərinə əyildi. Geyimindən birinin markitant olduğunu təxmin etmək olardı. Əynində kəndli paltarı olan digər qadının isə nəfəsi gedib-gəlirdi.
Telmarş dikəlib qışqırmağa başladı:
– Burada bir kimsə yoxdurmu?
Kimsə zorla eşidilən səslə:
– Sənsənmi, Qoca? – dedi.
Xarabalığın içindən iki kəndli çıxdı. Onlar qırğından gizlənməyə macal tapa bilmişdilər. Hələ də titrəyə-titrəyə Telmarşa yaxınlaşdılar. Qoca yaralı qadını göstərdi.
– Nədir, sağdır? – kəndlilərdən biri soruşdu.
Telmarş başı ilə təsdiqlədi.
– Bu qadının üç uşağı var idi, – kəndlilərdən biri dedi. – Analarını öldürdülər, uşaqları isə apardılar. Ancaq o ölməyib, eləmi? İstəsən, qazmana aparmaq üçün sənə kömək eləyə bilərik.
Telmarş yenə başını tərpətdi. Kəndlilər budaqlardan tezcə xərək düzəltdilər. Qadını onun üstünə uzadıb Telmarşın meşədəki qazmasına aparmağa başladılar.
Yolda kəndlilər vuruşmadan sonra ucaboy bir qocanın fermaya gələrək: «Öldürün! Yandırın! Aman verməyin!» – deyə əmr verdiyini söylədilər.
– Onun markiz olduğunu deyirlər: cənab de Lantenak.
Telmarş üzünü göyə tutub pıçıldadı:
– Əgər mən bilsəydim!..
11
İnsanlar küçələrdə yaşayırdılar. Evlərin qapısı ağzında, səkilərdə masa qoyub yemək yeyirdilər. Amma hamı tez-tez təkrar edirdi: «Səbir etmək lazımdır, bizdə inqilabdır».
Köhnə paltar satanların dükanları taclar, keşiş papaqları, qızıl suyuna salınmış taxta hökmdar əsaları, kral saraylarının əşyaları – bir sözlə, yıxılmış monarxiyanın tör-töküntüləri ilə dolu idi. Çörək, kömür, sabun qıtlığı yaranmışdı. Dükanların qapısı ağzında növbələr uzanırdı. İnsanların əksəriyyəti ehtiyac içində olsa da, xalqda ruh düşkünlüyü yox idi. İnsanlar bir səslə: «Yaşasın Respublika!» – deyə hayqırırdılar. Parisin küçələrindəki bu coşqun insan selinə namuslu, eyni zamanda amansız bir adam da qarışmışdı. Onun adı Simurden idi.
Kənd keşişi olan Simurden yenilməz, iradəli, əxlaqlı, lakin tündxasiyyətli bir adam idi. Bir zaman zadəgan evində müəllim işləmişdi. Sonra ona kiçik bir miras qaldığından keşişliyi buraxmışdı. Avropa dillərinin, demək olar, hamısını bilsə də, yenə yorulmadan çalışır, öyrənirdi. Simurden keşiş olarkən bütün vədlərə əməl etsə də, etiqadını saxlaya bilmədi. Elm etiqadı üstələdi. Yalana, monarxiyaya nifrət bəsləyən keşiş filosof oldu. Sonra bu filosof döyüşçüyə çevrildi. XV Lüdovikin zamanında Simurden artıq özünü respublikaçı hiss edirdi.
1789-cu ildə inqilab baş verdi. Bastiliya[10 - Bastiliya – monarxiya zamanı həbsxana olan qala] süquta uğradı, 90-cı ildə xalq feodalizm quruluşunun axırına çıxdı, 91-ci ildə monarxiya hökuməti yıxıldı, 92-ci ildə isə respublika elan edildi. Bu zaman Simurdenin 51 yaşı var idi.
93-cü il Avropanın Fransa və Fransanın Paris ilə müharibəsi ili oldu. Bu illərdə Simurden xalqın yanında idi. Simurden Konventdən[11 - Konvent – I Fransa Respublikasında ali qanunverici və icraedici orqan] və kommunadan[12 - Kommuna – Böyük Fransa inqilabı dövründə bələdiyyə özünüidarəsi] da irəli getdi. O, yepiskopluğun üzvü idi. Yepiskopluq siyasi partiya deyil, inqilabi cəmiyyət idi. Yepiskopluğun üzvlərinin çoxu yoxsullar idi və onlar Simurdenə inanır, həvəslə onun arxasınca gedirdilər. Bu zamanlar Simurden böyük hökmə, səlahiyyətlərə malik idi. Kommuna Konventə, yepiskopluq isə kommunaya nəzarət edirdi.
Cavanlığında zadəgan evində müəllim kimi yaşamışdı. Bu ailənin varisi olan oğlan uşağı onun tələbəsi idi. Simurden öz tələbəsinə bağlanmışdı. Uşağın ata-anası ölmüşdü. O bu uşağı həm ata, həm qardaş, həm də dost kimi sevirdi. Ailəsinin xəbəri olmadan öz etiqadını, öz idealını ona aşılamışdı.
Sonra həyat onları bir-birindən ayırdı. Simurden bu evdən getdi. Gənc zadəgan öz qarnizonuna, müəllim-keşiş isə kilsəyə döndü. Beləliklə, Simurden öz tələbəsini itirdi. Lakin onu heç vaxt unutmadı: hətta sonradan baş verən inqilab zamanı da!
12
Tovuz quşu küçəsində yerləşən qəhvəxananın arxasında bir otaq var idi. Orada camaat arasında söhbət etməkdən çəkinən adamlar yığışırdılar. 1793-cü il iyunun 28-də bu otaqda masa ətrafında üç adam oturmuşdu. Masanın dördüncü tərəfi isə boş idi. Axşam saat 8 olsa da, hava hələ tam qaralmamışdı. Amma otaq qaranlıq idi. Masaya işıq tavandan asılmış lampadan düşürdü.
Söhbət edənlərdən biri soyuqqanlı, ciddi görkəmli cavan idi. O, səliqə və zövqlə geyinmişdi. İkinci adam iricüssəli idi. Əynindəki paltarları nimdaş və çirkli olan bu adamın saçına, deyərdin, heç vaxt daraq dəyməyib. Parıldayan gözlərindən qəzəb yağsa belə mərhəmətli olmağı da bacarırdı. Alçaqboy, sarıbəniz olan üçüncü adam oturduğu zaman qozbelə oxşayırdı. Əynində dar şalvar, yekə ayaqqabı var idi. Paltarının altından xəncər taxdığı hiss olunurdu.
Birincinin adı Robespyer, ikincininki – Danton, üçüncününkü – Marat idi.
Dantonun qabağında toz basmış stəkan və şərab şüşəsi, Maratın qarşısında bir fincan qəhvə, Robespyerin önündə isə bir neçə kağız vardı.
Kağızların yanında Bastiliyanın şəkli həkk olunmuş böyük mis möhür gözə dəyirdi. Masanın ortasına Fransanın xəritəsi sərilmişdi.
İclas çoxdan başlanmışdı. Söhbət mübahisəyə keçmişdi. Səsləri hətta bayırda da eşidilirdi.
Danton ayağa qalxıb kətili geri itələdi.
– Qulaq asın! Bizim qarşımızda bir məsələ durur – respublikanı xilas etmək. Respublika təhlükə qarşısındadır. Mənim üçün indi Fransanı düşməndən azad etmək hər şeydən vacibdir.
– Mən bunun əleyhinə deyiləm, – Robespyer yumşaq səslə cavab verdi. – Amma deyin görüm, düşmən haradadır?
– O, Fransa sərhədlərindən kənardadır, onu mən qovmuşam, lazım gəlsə, yenə də qovacağam, – Danton qışqırdı.
– Yox, o burdadır. Daxili düşməni qovmaq olmaz, onu məhv etmək lazımdır, – deyə Robespyer etiraz etdi.
– Robespyer, o, sərhədlərimizin yaxınlığındadır.
– Yox, Danton, o, Vandeyadadır.
– Sakit olun! – Marat dilləndi. – Düşmən hər yerdədir.
Robespyer onu süzüb sakitcə sözünə davam etdi:
– İngilis qoşunları Fransaya çıxmağa hazırlaşır. Onların planı belədir: Fransada kəndli qiyamı qızışanda sahilə çıxacaqlar. Xəritəyə baxın, ingilislərin imkanı çoxdur; onlar istədikləri yerə qoşun çıxara bilərlər. İki həftədən sonra üç yüz min nəfərlik quldurlar ordusu yığışacaq və bütün Bretan Fransa kralının əlində olacaq. Özgə yerdən gələn düşməni iki həftədə qovmaq olar. Monarxiyadan qurtulmaq üçün bizə on səkkiz əsr lazım gəlib. Siz indi təhlükənin harda olduğunu görürsünüzmü?
– Mən heç nə anlamıram! – Danton bağırdı. – Fəlakət şərqdən gələrkən onu qərbdən gözləyirik! Bəli, razıyam, İngiltərə bizi okean tərəfdən hədələyir. Lakin İspaniya – Pireneydən, İtaliya – Alplardan, Almaniya – Reyndən üstümüzə gəlir. Uzaqda isə hələ rus ayısı da var. Robespyer, təhlükə bizi üzük qaşı kimi dövrəyə alıb.
– Mənim bir təklifim var, – Marat dedi. – Razılığa gəlib son dəfə cəhd eləyək. Bizdə nə çatmır? Birlik. Bizim qurtuluşumuz bundadır. Lakin tələsmək lazımdır.
13
Araya sükut çökdü. Elə bu vaxt eşidilən səs onları boylanmağa məcbur etdi.
– Bəli, birlik lazımdır, vətəndaşlar! Xalq birləşməyi tələb edir.
Mübahisə zamanı onlar arxa qapıdan kiminsə girdiyini hiss etməmişdilər.
Marat dedi:
– Ah, bu sənsənmi, vətəndaş Simurden, salam.
– Cənablar, vəziyyəti vətəndaş Simurdenə anladın, – Danton dedi. – O, vaxtında gəlib. Mən burada dağlıların[13 - Montanyarlar və ya dağlılar – Konventdə ifrat sol qruplaşmanın üzvləri (Konventdə ən yuxarı cərgələrdə oturduqları üçün belə adlanıblar)], Robespyer – İctimai qurtuluş komitəsinin[14 - Konvent iki ali hökumət orqanı yaratmışdı: İctimai qurtuluş komitəsi və İctimai təhlükəsizlik komitəsi. İctimai qurtuluş komitəsi respublikanın bütün siyasi, hərbi və iqtisadi işlərini aparır, İctimai təhlükəsizlik komitəsi isə ictimai əmin-amanlığın mühafizə edilməsi tədbirlərinə rəhbərlik edirdi.], Marat – kommunanın, Simurden isə yepiskopluğun nümayəndəsidir. O bizi barışdırar.
Simurden ciddi tərzdə:
– Razıyam, – dedi. – Nə olub?
– Biz Vandeya haqqında danışırdıq, – Robespyer dedi.
– Vandeyada nələr olur? – Simurden soruşdu.
Robespyer cavab verdi:
– Vandeya özünə rəhbər tapıb. Bu özünü Bretan knyazı adlandıran markiz de Lantenakdır.
– Mən onu tanıyıram, – Simurden dedi. – Onun mülkündə bir vaxtlar keşiş olmuşam.
– O çox qorxulu adamdır, – Robespyer dedi. – O, kəndləri yandırır, yaralıları, əsirləri öldürür, qadınları güllələyir.
– Qadınları da?
– Bəli. Onun əmri ilə üç uşaq anası olan bir qadın da güllələnib. Uşaqların taleyi məlum deyil. Heç şübhəsiz, o, əsl sərkərdədir, hərb işini yaxşı bilir. İndi bu adam Vandeyadadır.
– Onu qanundankənar elan etmək, başına qiymət qoymaq, onu tutan adama çoxlu pul vəd etmək lazımdır. Özü də əsginasla deyil, qızılla.
– Edilib.
– Onu gilyotinə göndərmək lazımdır.
– Göndəriləcək.
– Kim göndərəcək?
– Siz.
– Mən?
– Bəli. İctimai qurtuluş komitəsi sizi geniş səlahiyyətlə Vandeyada öz nümayəndəsi təyin edir.
– Razıyam, – Simurden dedi. – Mən bu vəzifəni qəbul edirəm. De Lantenak amansızdır, mən də amansız olacağam. Mən respublikanı ondan xilas edəcəyəm. Mən kimin yanında nümayəndə təyin olunuram?
– De Lantenakın əleyhinə göndərilmiş cəza dəstəsinin komandirinin yanında, – Robespyer cavab verdi. – Ancaq sizi xəbərdar etməliyəm ki, o, zadəgandır. Siz gənc bir oğlanla işləməli olacaqsınız və ondan iki dəfə böyük olduğunuz üçün onu asanlıqla öz təsiriniz altına sala bilərsiniz. Ona yol göstərmək, eyni zamanda onunla hesablaşmaq lazımdır. Anlaşıldığına görə, o, istedadlı zabitdir, ancaq bir nöqsanı var ki, ürəyiyumşaqdır. O, döyüşdə möhkəm, döyüşdən sonra isə güzəştə gedəndir. O, rahibləri himayəsi altına alır, zadəganların arvadlarını və qızlarını xilas edir, əsirlərə və keşişlərə azadlıq verir.
– Bu, böyük səhvdir, – Simurden pıçıldadı.
Marat ona tərəf döndü.
– Vətəndaş Simurden, siz monarxistlərin generalını sərbəst buraxan respublikaçı sərkərdəyə qarşı necə hərəkət edərdiniz?
– Mən onu güllələmək əmrini verər, yaxud gilyotinə göndərərdim.
Marat sözünə davam etdi:
– Belə olan surətdə mən Robespyerin fikrinə şərik oluram. İctimai qurtuluş komitəsi vətəndaş Simurdeni fövqəladə səlahiyyətlə sahil ordusu cəza dəstəsinin komandirinə göz qoymaq üçün komissar sifəti ilə göndərir.
Danton:
– Vətəndaş Simurden, taleyi sizə tapşırılan gənc komandirin soyadı Qovendir.
Simurdenin rəngi ağardı:
– Qoven!
Onun sifətinin qəfildən ağarması Maratın gözündən qaçmadı.
– Vikont Qoven! – Simurden fikirli-fikirli təkrar etdi.
Araya sükut çökdü.
– Vətəndaş Simurden, göstərilən şərtlərlə komandir Qovenin yanında komissar təyin olunmağınızı qəbul edirsinizmi? – Marat soruşdu.
Rəngi getdikcə daha çox ağaran Simurden:
– Edirəm, – deyə cavab verdi.
– Daha gecikmək olmaz, – Robespyer dedi. – Sizə külli-ixtiyar verilir. Siz Qoveni general da edə bilərsiniz, edam kürsüsünə də göndərə bilərsiniz. Təyin olunmağınız haqqında əmri sabah saat 3-də alacaqsınız. Nə vaxt yola düşürsünüz?
– Sabah saat 4-də, – Simurden cavab verdi.
14
Tovuz quşu küçəsində Danton və Robespyerlə görüşünün ikinci günü Marat Konventə yollandı.
Hər dəfə Marat Konventə girəndə salonda pıçıldaşmağa başlayırdılar. Marat özünü elə göstərirdi ki, guya heç nə eşitmir.
O, asta addımlarla Monto və Şaboya tərəf getdi. Başları qızğın müzakirəyə qarışdığından onlar Maratı görmürdülər. Şabo deyirdi:
– Simurden adlı bir keşiş sahil ordusunun cəza dəstəsinə komandanlıq edən vikont Qovenin yanına təyin edilib və böyük səlahiyyət alıb. İndi əsas məsələ odur ki, zadəgana hiylə işlətməyə, keşişə isə xain çıxmağa imkan verməyək.
– Bundan asan nə ola bilər?! – Monto dedi. – Hiylənin, xəyanətin qarşısını yalnız ölümlə almaq olar.
Onların bir addımlığında olan Marat söhbətə müdaxilə etdi:
– Mən də elə bunu etməyə gəlmişəm.
Şabo və Monto eyni anda ona tərəf döndülər.
– Qulaq asın! – Marat az qala pıçıltıyla dedi. – Mən çox mühüm bir iş üçün gəlmişəm. Gərək üçümüzdən biri elə günü bu gün bir dekret layihəsini Konventə təklif etsin. Elə bir dekret ki, orda əsir qiyamçının qaçmasına imkan verən hər bir kəsə ölüm cəzası nəzərdə tutulsun.
– Belə bir dekret var, aprelin axırlarında qəbul edilib, – Şabo bic-bic gülümsədi. – Ona görə də Konventə lüzum yoxdur. İctimai qurtuluş komitəsi kifayətdir.
Ertəsi gün İctimai qurtuluş komitəsi tərəfindən Vandeyanın bütün şəhərlərinə və kəndlərinə əmr göndərildi ki, əsir götürülən qiyamçıların qaçmasına hər hansı bir yardım göstərən şəxsə ölüm cəzası vermək haqqındakı dekretə ciddi surətdə əməl olunsun.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289844) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Markitant – XVIII-XIX əsrlərdə orduda yeyinti şeyləri satan
2
Korvet – yelkənli hərbi gəmi
3
Karonada – qısalüləli qədim artilleriya topu
4
Bretan – Fransanın şimal-qərbindəki yarımadada yerləşən əyalət
5
Qraf de Artua – Fransa kralı XVI Lüdovikin qardaşı
6
Marna – Fransanın şimal-şərqində yerləşən, Qrand Est regionunun departamentlərindən (inzibati şöbə) biri
7
Gilyotin – 1792-ci ildə Fransa burjua inqilabı zamanı doktor J.Gilyoten tərəfindən ixtira edilən edam maşını
8
Kokarda – hərbçi papağına vurulan nişan
9
Livr – 1799-cu ildə frank dövriyyəyə buraxılana kimi Fransanın pul vahidi
10
Bastiliya – monarxiya zamanı həbsxana olan qala
11
Konvent – I Fransa Respublikasında ali qanunverici və icraedici orqan
12
Kommuna – Böyük Fransa inqilabı dövründə bələdiyyə özünüidarəsi
13
Montanyarlar və ya dağlılar – Konventdə ifrat sol qruplaşmanın üzvləri (Konventdə ən yuxarı cərgələrdə oturduqları üçün belə adlanıblar)
14
Konvent iki ali hökumət orqanı yaratmışdı: İctimai qurtuluş komitəsi və İctimai təhlükəsizlik komitəsi. İctimai qurtuluş komitəsi respublikanın bütün siyasi, hərbi və iqtisadi işlərini aparır, İctimai təhlükəsizlik komitəsi isə ictimai əmin-amanlığın mühafizə edilməsi tədbirlərinə rəhbərlik edirdi.