Əlvida, silah!

Əlvida, silah!
Ernest Miller Heminquey
Dünya ədəbiyyatından seçmələr
Bu əsərindəki bir sıra hadisə və qəhrəmanları müəllif Ernest Heminquey cəbhədə şəхsən görüb müşahidə etmişdi. Roman müharibəyə nifrətlə, dinc həyat arzulayan insanlara rəğbətlə yazılıb.

Ernest Heminquey
ƏLVİDA, SİLAH!

1
Həmin il yayın axırlarında biz kəndlərin birində mövqe tutmuşduq. Qaldığımız balaca evdən çay və düzəngah görünür, onlardan o yanda isə dağlar ucalırdı. Çayın yatağı gün işığında ağaran qənbər və çınqıllarla örtülüydü. Suyu dumduru, axarı itiydi, yayıldıqca göy rəngə çalırdı. Evin yanındakı yoldan keçən qoşunların qaldırdığı toz ağacların yarpağı üstə çökürdü. Hətta ağacların gövdəsini də toz basmışdı. Bəlkə, buna görəydi ki, həmin il ağaclar yarpağını tez tökməyə başlamışdı…
Düzənlik boyu çoxlu meyvə bağları vardı, arxadakı dağlarsa boz və çılpaq idi. Dağlarda döyüş gedirdi. Gecələr partlayışlardan saçılan alovlar görünürdü. Qaranlıqda bunu şimşək çaxışına bənzətmək olardı; amma hava sərin keçdiyindən yağışdan, tufandan əsər-əlamət sezilmirdi.
Qaranlıqda pəncərəmizin altından qoşunların keçib-getdiyini eşidirdik. Gecələr yolda hərəkət artırdı. Əsgərləri daşıyan boz yük maşınları, döyüş sursatı yüklənmiş qatırlar bir ucdan qatarlaşıb gedirdi. Onların ardınca sürətlə gedən balaca maşınlar gəlirdi. Bu maşın karvanında kralın da olduğu hamıya məlumdu. O, Udinedə yaşayırdı və hər gün burdan gəlib keçirdi.
Qışın girməsiylə yağışlar başladı. Yağışlar özüylə vəba xəstəliyi də gətirdi. Onun geniş yayılmasına imkan vermədilər, baxmayaraq ki vəbadan artıq yeddi min əsgər ölmüşdü…

2
Növbəti il düşmən üzərində bir neçə qələbə qazanıldı. Avqust ayında biz çayı keçib Qorisiyada hündür hasarı və gözəl bağı olan bir evdə yerləşdik. İndi döyüşlər lap yaxınlığımızda gedirdi.
Qorisiya asanlıqla ələ keçirilmişdi. Nəyə görəsə, avstriyalılar bu şəhəri digərləri kimi aramsız bombalamırdılar. Adama elə gəlirdi ki, müharibə qurtarandan sonra onlar burdaca qalacaqlar.
Şəhər kənarında ucalan dağın döşündəki palıd meşəsi məhv edilmişdi. Yayda biz gələndə bu meşə yamyaşıl idi. İndi isə hər şey alt-üst olmuşdu.
Axşam şəhərə düşüb zabitlərin əyləndiyi kafeyə getdim.
Dostum olan kapitanla pəncərənin qırağında, üzbəüz oturmuşduq. Lopa-lopa qar yağırdı. Yağan qara baxıb düşünürdüm ki, bu ilimiz boşuna getdi – çayın o üzündəki dağlar alınmamışdı. Ümid gələn ilə qalırdı. Birdən dostum palçıqlı yolda ehtiyatla harasa gedən polk keşişimizi gördü. Pəncərəni tıqqıldadıb onu içəri çağırdı.
Zabitlər yeməkxanasındakı hər kəs ciddi tərzdə, tələsə-tələsə spagetti[1 - Spagetti – bütöv, bölünmədən bişirilən və müxtəlif ədviyyatlarla yeyilən nazik, uzun formalı makaron növü] yeməklə məşğul idi. Spagettini yeyəndən sonra kapitan keşişə sataşmağa başladı.
Keşiş cavan idi və tez özündən çıxırdı. Geydiyi forma bizimkindəndi, ancaq boz frençinin[2 - Frenç – üstdən dörd cibi və daldan kəmərciyi olan hərbi gödəkçə] sol döş cibinin üstünə tünd-qırmızı məxmərdən xaç tikilmişdi. Kapitan sadəcə mənim xatirimə pozuq italyan dilində danışırdı. Nədənsə belə hesab edirdi ki, bu cür hər şeyi daha yaxşı başa düşə bilərəm. Ordan çıxana qədər hamı keşişlə məzələndi. Arada kim isə içəri girdi. Qapı açılanda qarın necə yağdığını gördüm.
– Madam ki qar yağır, onda hücum olmayacaq, – dedim.
Mayor:
– Əlbəttə olmayacaq, – deyə cavab verdi. – İndi məzuniyyət götürsəniz, pis olmaz. Romaya, Neapola, Siciliyaya gedərsiz…
– Mən istərdim ki, siz biz tərəflərə – Abrutssıya da gedəsiniz, – keşiş dilləndi. – Orada yaxşı ov etmək mümkündür. Camaatımız da yaxşıdır. Üstəlik, atamın da ova həvəsi var.
Kapitan:
– Hə, gedək, – dedi.
– Gecəniz xeyrə qalsın, – keşişə dedim.
– Xeyrə qarşı, – keşiş cavab verdi.

3
Məzuniyyətdən qayıdanda bölüyümüz hələ də o şəhərdə idi. Bahar girmişdi. Şəhərdə toplar çoxalmışdı. Bir neçə yeni hospital açılmışdı.
Bölüyümüz hələ də həminki evdə idi, aradan keçən vaxt ərzində heç nə dəyişməmişdi. Mən evə gələndə qapı açıq idi. Divarın dibindəki skamyada bir əsgər oturmuşdu.
Böyük otağın qapısından baxdım. Gördüm ki, mayor stolun arxasında oturub. Pəncərə açıqdır, otağa gün düşüb. O məni görmürdü. İstədim əvvəlcə onun yanına gedib raport verim. Sonra qərara gəldim ki, yuxarı qalxıb üst-başımı qaydaya salandan sonra gələrəm.
Leytenant Rinaldi ilə olduğum otaq həyətə baxırdı. Mən içəri girəndə o yatırdı. Ayaq səslərimi eşidib oyandı. Bir-birimizin əlini sıxdıq. Sonra o məni qucaqlayıb öpdü.
– Hardaydınız, nə edirdiniz? – deyə soruşdu.
– Hər yerdə olmuşam, – dedim. – Milanda, Horensiyada, Romada, Neapolda…
– Şəhərə qəşəng ingilis qızları gəlib. Mən isə onların arasından birinə – Ketrin Barkliyə vurulmuşam. Ehtimal ki, onunla evlənəcəyəm.
– Mən yuyunub raport verməyə getməliyəm, – dedim.
Leytenant soruşdu:
– Pulun varmı?
– Niyə soruşurdun?
– Mənə 50 lirə borc ver. Miss Barkliyə pullu adam təsiri bağışlamalıyam.
İstədiyi pulu çıxarıb verdim. Axşam zabitlər yeməkxanasına getdim. Keşişi orda görüb yanında oturdum. Abrutssıya getmədiyimi öyrənəndə məyus oldu. Hətta incidi də… Sən demə, gələcəyim barədə atasına yazıb, o da hazırlıq görübmüş. Bunu eşidəndə mən də təəssüfləndim. Ona izah etməyə çalışdım ki, onlara getməyi mən də çox arzulayırdım. Amma o qədər iş çıxdı ki, mümkün olmadı.
Nəhayət, o mənə inandı.
Yeməkxanadakılar arasında qızğın mübahisə gedir, keşişlə mən isə susurduq. Bu vaxt kapitan dilləndi:
– Keşiş darıxır, keşiş istəyir müharibəni avstriyalılar udsun.
Keşiş başını tərpədib:
– Yox, – dedi.
– Keşiş istəmir ki, biz hücuma keçək, – kapitan yenidən dilləndi.
– Madam ki döyüş gedir, hücuma keçməliyik, – keşiş dedi.
– Əl çəkin ondan, – mayor səsləndi. – O, yaxşı oğlandır.
Biz hamımız stolun arxasından qalxdıq.

4
Səhər qonşu bağdakı hərbi hissədən gələn səsə oyandım. Pəncərəyə yanaşıb bayıra boylandım. Toplar görünmürdü, mərmilər isə lap başımızın üstündən ötüb-keçirdi. Geyinib aşağı düşdüm. Mətbəxdə qəhvə içib qaraja getdim.
Uzun talvarın altında sıra ilə on maşın düzülmüşdü. Bunlar iri kuzovlu, kəsikburun sanitar avtomobilləri idi.
– İşləriniz necədir? – mexaniklərin birindən soruşdum.
– Pis deyil. Bu maşın bir işə yaramır, qalanları sazdır, – o, işini saxlayıb gülümsündü. – Siz məzuniyyətdə idiniz?
– Bəli.
– Vaxtınız yaxşı keçdi?
– Pis olmadı, – dedim.
Görünür, burda olmadığım müddətdə işlər düzəlmişdi. Eşitdim ki, tezliklə hücumun başlanacağı gözlənilir.
Başdan-ayağa toz və palçıq içindəydim. Odur ki yuyunmaq üçün öz otağıma keçdim. Rinaldi əlində kitab çarpayıda oturmuşdu.
O məni görən kimi dərhal dedi:
– Əla xəbərim var! Birlikdə miss Barkliyə qonaq gedəcəyik.
Mən boyun qaçırdım. Ancaq o təklifində israr etdi:
– Mənimlə gedəcəksiniz! Çünki bunu mən sizdən xahiş edirəm. Elə eləyin ki, onun xoşuna gələsiz.
Çar-naçar razılaşdım.
– Yaxşı! Onda icazənizlə özümü qaydaya salım.
İngilis hospitalı hansısa almanın müharibədən əvvəl tikdirdiyi böyük villada yerləşirdi. Biz gedəndə Miss Barkli villanın həyətindəki bağda idi. Yanında isə bir şəfqət bacısı vardı. Rinaldi və mən onlara hərbi qaydada salam verdik. Miss Barkli adımı soruşdu.
– Frederik Henri, – deyə mən cavab verdim.


Miss Barkli boyca xeyli hündür idi. Sarışındı, dərisi qızılı rəngə çalırdı, qonur gözləri vardı. Əlində oyuncaq qamçıya oxşayan bir əlağacı tutmuşdu.
– Bu bir zabitindir, – dedi. – Onu keçən il öldürdülər. Çox yaxşı oğlan idi. Mən onunla ailə qurmalıydım.
– Siz çoxmu nişanlı qaldınız?
– Səkkiz il.
Rinaldidən yanındakı şəfqət bacısının adını soruşduq. Məlum oldu ki, bu, miss Ferqyusondur və əslən şotlanddır. Onlarla xeyli söhbətdən sonra vidalaşıb evə qayıtdıq.
Yolda Rinaldi dedi:
– Miss Barklinin məndən çox səndən xoşu gəldi. Amma şotland qızı da qəşəngdir.
– Əlbəttə, qəşəngdir. O sizin xoşunuza gəlir?
– Yox, – Rinaldi qəti cavab verdi.

5
Ertəsi gün mən yenə miss Barklinin yanına getdim. Bu dəfə o, bağda deyildi. Hospitalın baş şəfqət bacısı ilə qarşılaşdım. O mənə dedi ki, miss Barkli bu gün növbətçidir. Əlavə etdi ki, onu görmək üçün saat 7-dən sonra gələ bilərəm.
Deyilən vaxtda gəldikdə isə miss Barkli bağdakı skamyada oturmuşdu. Miss Ferqyuson da onunlaydı. Elə bil gəlişimdən sevindilər. Bir az sonra miss Ferqyuson üzr istəyib getdi.
– Yaxşı qızdır, – mən onun arxasınca dedim.
– Əlbəttə, çox yaxşı qızdır, – miss Barkli təsdiqlədi. – İtalyanlar qadınları cəbhə xəttinə bu qədər yaxın buraxmaq istəmirdilər. Biz burda xüsusi rejimdə işləyir və yaşayırıq.
– Bəs mən bundan sonra da bura gələ bilərəm?
– Əlbəttə… Bircə müharibə tez qurtarsaydı…
– Gəlin, müharibəni unudaq.
– Bu o qədər də asan deyil. Hər halda, qoy siz deyən kimi olsun: müharibəni unudaq.
Artıq şər qarışmışdı. Biz qaranlıqda bir-birimizə baxdıq. O mənə indi daha da gözəl görünürdü. Əlini tutdum. Qız əlini çəkmədi. Qaranlıqda əyildim ki, onu öpüm. Anidən üzümə bərk bir şillə dəydi, gözlərim yaşardı.
– Bağışlayın məni, – qız dedi.
– Siz düzgün hərəkət etdiniz.
– Yox, qətiyyən düz eləmədim. Gərək məni bağışlayasınız.
– Dedim axı, sizin hərəkətiniz doğru idi. Mən buna görə qətiyyən acıqlanmıram, – azacıq susub əlavə etdim. – Siz çox gözəlsiz.
O güldü. Güldüyünü ilk dəfə görürdüm.
– Siz yaxşı oğlansız, – miss Barkli dedi.
– Heç də yox.
– Hə. Siz mehribansız. İstəyirsiz, mən özüm sizi öpüm.
O məni öpdü, mən isə onu qollarımın arasında sıxdım. Ürəyimin necə şiddətlə döyündüyünü hiss edirdim. Bu vaxt onun başı çiynimə düşdü. Anladım ki, başını çiynimə qoyub ağlayır.
– Əzizim, – dedi, – siz mənimlə həmişə mehriban olacaqsız, deyilmi?
Mən onun saçlarını oxşadım. Hələ də ağlayırdı.
Sonra mən onu villanın qapısına qədər ötürdüm. Evə qayıdıb öz otağıma qalxdım. Rinaldi yatağında uzanmışdı. O mənə baxdı.
– Deməli, miss Barkli ilə işləriniz düzəlir?
– Mən onunla dostam.
Sonra yatağıma girdim. Rinaldi isə kitab oxumağa davam etdi.

6
İki gün boyunca postlara baş çəkdim. Hər dəfə də evə qayıdanda artıq çox gec olurdu. Odur ki miss Barkli ilə ancaq üç gün sonra, axşam görüşə bildim. Bağda olmadığı üçün onu hospitalın dəftərxanasında gözləməli oldum.
Gördüm ki, Ketrin Barkli vestibülə girdi. Mən ayağa durdum.
– Axşamınız xeyir, mister Henri, – dedi.
– Axşamınız xeyir, – dedim.
Biz xiyabandan dönüb ağacların altındakı cığırla getdik. Mən onun əlindən tutdum. Sonra dayanıb onu öpdüm. Bir qədər getdik və yenə ağacın altında dayandıq. Onu özümə tərəf çevirdim. Gördüm ki, gözləri qapanıb. Mən onun yumulmuş gözlərindən öpdüm. Ağlımdan keçdi ki, görünür, azca ağlı çatmır. Bilirdim ki, Ketrin Barklini sevmirəm, heç sevmək fikrində də deyiləm.
O, aşağı, otlara baxırdı.
– Sizinlə pis bir oyuna başlamışıq.
– Nə oyun?
– Özünüzü bilməməzliyə vurmayın.
– Siz başqa adamların fikrini həmişə duya bilirsiz?
– Həmişə yox. Lakin sizinkini duya bilirəm. Özünüzü elə göstərirsiz ki, guya məni sevirsiz. Buna ehtiyac yoxdur.
– Axı, həqiqətən, mən sizi sevirəm.
– Bəli, siz mehribansız. Deməli, bundan sonra da mənim yanıma gələcəksiz?
– Əlbəttə.
Mən onu öpmək istədim. O etiraz etdi.
Ertəsi gün birinci dağ postuna getdim. Geri qayıdanda maşını köçürülmə məntəqəsinin yanında saxladım. Burda yaralı və xəstə əsgərlər qeydiyyatdan keçir, onların hansı hospitala göndərildiyi qeyd olunurdu. Maşını özüm sürürdüm. Sükanın arxasında oturub gözləyirdim, sürücü sənədləri qeydiyyatdan keçirməyə aparmışdı.
Alay artıq çoxdan keçib-getmişdi. Lakin öz manqaları ilə addımlamağa taqəti olmayıb geri qalanlar hələ də yanımdan ötüb-keçməkdə idilər. Onlar əldən düşmüşdülər, hamısı tər və toz içindəydi. Bəziləri xəstəyə bənzəyirdi. Birdən yolda bir əsgər göründü. O dayanıb yolun kənarında oturdu. Yanaşıb soruşdum:
– Sizə nə olub?
– Mənim qarnımda şiş var.
– Bəs niyə piyada gedirsiz, niyə hospitalda deyilsiz?
– Buraxmırlar. Leytenant deyir ki, guya mən özümü yalandan xəstəliyə vurmuşam.
– Əgər biz cəbhəyə yaxın olsaydıq, mən sizi birinci tibb məntəqəsinə təhvil verərdim. Lakin burda – arxada sənədsiz olmaz.
– Əgər qayıtsam, məni əməliyyat eləyəcək, sağalan kimi isə ön xəttə basacaqlar. Siz istəyərsiniz həmişə ön xətdə olasız?
– Yox, – dedim.
– Ah, lənətə gəlsin bu müharibəni…
– Bura bax, – dedim, – səni burda salacağıq. Başını yerə elə vur ki, alnında şiş əmələ gəlsin. Geri qayıdanda bunu bəhanə eləyib səni hospitala apararam.
Maşını saxlayıb həmin əsgəri düşürtdük.
– Leytenant, məni elə burda tapacaqsız, – o dedi.
– Hələlik, – dedim.
Yolumuza davam etdik. Bir az keçəndən sonra yaralıları təhvil verəcəyimiz hospitallara çatdıq.
Geri qayıdarkən sükan arxasında özüm oturmuşdum. Boş maşını sürətlə əsgərin gözlədiyi yerə qovurdum. Yolun ortasında sanitar arabası göründü. İki sanitar həmin əsgəri qaldırırdı. Burnu sıyrılmış, qanlı yarasının üstü toza bulaşmışdı.
– Leytenant, görün necə şişib?! – deyə qışqırdı. –Amma çarə yoxdur. Onlar ardımca gəliblər.
Mən villaya qayıdanda saat 5 idi. Çoxdandı ki, Birləşmiş Ştatlara məktub yazmırdım. Yazmağa elə bir şey də yox idi. Sadə bir poçt kartoçkası yollamağı qərara aldım. Yazdığım mətn də sadəydi: «Mən sağ və salamatam». Belə kartoçkaları Amerikada çox xoşlayırdılar.
Hücum birisi günə təyin olunmuşdu. Mən maşınlarımla Plavaya getməli idim.
Sağ sahildəki orduda Hersoq Aosta vardı. O, kralın əmisi idi və üçüncü orduya komandanlıq edirdi. Biz ikinci ordudaydıq. Üçüncü orduda bir neçə ingilis batareyası vardı. İngilis ordusunda qulluq etsəydim, daha yaxşı olardı. Hər şey asan başa gələrdi. Ancaq bu hər an ölüm təhlükəsi ilə üzləşməyə bərabər idi. Sanitar dəstəsində isə belə təhlükə çox azdır.
Düzdür, bəzən ingilis sanitar maşınlarının sürücüləri də həlak olurdular. Lakin mən bilirdim ki, ölməyəcəm. İllah da bu müharibədə… Bu müharibənin mənə heç bir dəxli yoxdu. Ürəkdən arzu edirdim ki, müharibə qurtarsın. Bəlkə, bu yay qurtardı. Bəlkə, avstriyalıları əzdilər. Avstriyaya getmək istərdim, amma müharibənin olmadığı Avstriyaya. Şvarsvaldda, Qarsda olmaq istərdim. Doğrudan, bu Qars hardadır? Döyüşlər indi Karpat dağlarında gedirdi. Ora getməyi çox arzulayırdım.
Bu fikirlər içində zabitlər yeməkxanasına yollandım. Keşiş yenə oradaydı. Yenə onunla məzələnirdilər. Şam edib villanın qəbul otağına gəldim. Ketrini gözləyirdim. Kimsə vestibülə girdi. Elə bildim Ketrindi, ayağa durdum. Ancaq bu, miss Ferqyuson idi.
– Salam, – o dedi. – Ketrin məndən xahiş elədi deyim ki, bu gün sizinlə görüşə bilməyəcək.
– Xahiş edirəm, ona deyəsiz ki, mən çox məyus oldum.
– Deyərəm.
– Bəlkə, mən sabah gəlim?
– Gəlin.
– Təşəkkür edirəm, – mən dedim. – Gecəniz xeyrə qalsın.
Qəbul otağından çıxdım. Birdən-birə darıxmağa başladım.

7
Növbəti gün öyrəndik ki, çayın yuxarı sahillərində hücum əməliyyatı başlamalıdır. Biz də dörd maşınla ora getməliydik. Mən birinci maşında oturmuşdum. İngilis hospitalının yanından keçəndə maşını saxlatdırıb düşdüm. Tələsik addımlarla xiyabanı keçdim. Qəbul otağına daxil olub miss Barklini çağırmağı xahiş etdim.
Onun arxasınca sanitar göndərdilər. Çox keçmədən sanitar Ketrinlə birlikdə qayıtdı. Mən ona dedim:
– Gəldim ki, sizdən hali olum. Dedilər növbədəsiz. Xahiş elədim ki, çağırsınlar.
– Mən lap yaxşıyam, – o dedi.
– Mən getməliyəm.
– Bir dəqiqəliyə sizinlə çıxaram.
– Mən elə indi yola düşürəm.
– Bəs nə vaxt qayıdacaqsız?
– Sabah.
O nəyi isə boynundan açıb ovcuma qoydu.
– Bu, müqəddəs Antoni medalyonudur, – dedi.– Sabah axşam gəlirsiz.
– Məgər siz katoliksiz?
– Xeyr. Ancaq deyirlər ki, bu, çox kömək eləyir. Ağıllı olun. Özünüzü qoruyun.
Ayrıldıq. Geri döndüm. Gördüm pilləkənlərin üstündə dayanıb. Mənə əl elədi, mən də ona öpüş göndərdim. Maşına mindim, yola düşdük. Əlimdəki medalyonu silkələdim. Sürücü onu görüb dedi:
– Məndə də var, – sonra köynəyinin altından öz medalyonunu çıxarıb göstərdi.
Sürücünün təkidiylə mən də miss Berklinin bağışladığı medalyonu sinəmdən asdım.
Nəhayət, gəlib çayın yuxarısına çatdıq. Buradakı təpənin üstündən baxanda digər sahildəki dağların yamacında avstriyalıların müşahidə qurğularını gördüm.
Maşınları kərpic zavodunun xarabalıqları içində saxlamışdıq. Baş həkim balacaboy adam idi, bığlarını yuxarı eşmişdi. Mayor rütbəsindəydi. O dedi ki, hər şey yaxşı qurtarsa, məni mükafata təqdim edəcək.
Hücumun nə vaxt başlayacağını xəbər aldım. Cavab verdilər: gecə yarısı. Sürücülərin yanına qayıtdım. Onlar blindajda oturub söhbət edirdilər. Mən içəri girən kimi susdular. Onların dördü də mexanik idi və müharibəyə nifrət edirdilər. Blindajın yeri isti və quru idi. Kürəyimi divara söykəyərək oturdum.
Passi ehtiramla dilləndi:
– Müharibədən pis heç nə yoxdur.
– Hamı müharibəyə nifrət edir, – digəri onun sözlərinə qüvvət verdi.
– Ölkəni axmaq adamlar idarə eləyir. Bax biz də onların axmaqlığı sayəsində müharibəyə ürcah olmuşuq.
– Bu adamlar müharibədən varlanırlar da.
– Bəziləri heç varlanmır da, – Passi adlı mexanik dedi. – Onlar müharibəyə axmaqlıqdan bais oldular.
– Ta bəsdir, – Manyera adlı başqa bir mexanik dedi. – Çox uzunçuluq elədik.
– Bizə yemək verəcəklərmi, leytenant? – Qavutssi adlı mexanik soruşdu.
– İndicə öyrənərəm, – dedim.
Mexaniklərdən biri – Qordini mənimlə bərabər çıxdı.
Artıq zil qaranlıq idi. Projektorların uzun işıqları dağların üzərində dolaşırdı. Biz zavodun həyətindən keçdik və baş sarğı məntəqəsinin yanında dayandıq. Bayırda qapının üstündə talvar vardı. Gecə küləyi qaranlıqda qurumuş yarpaqları xışıldadırdı. İçəridə işıq yanırdı. Baş həkim yeşiyin üstündə oturub telefonla danışırdı. Həkimlərdən biri mənə dedi ki, hücum bir saat təxirə salınıb. Baş həkim telefondan aralandı.
– İndi başlayacaq, – o dilləndi. – Qərara aldılar ki, təxirə salmasınlar.
Bir dəqiqədən sonra isə arxamızdakı topların hamısı atəş açdı.
– Bəs yemək hanı? – mən baş həkimdən soruşdum. O, deyəsən, eşitmədi. Bir də soruşdum.
– Hələ gətirməyiblər.
Bu vaxt böyük bir mərmi zavodun həyətinə düşüb partladı. Ardınca digəri… Partlayışın gurultusu içində kərpic qırıntılarının səsi eşidilirdi.
– Yeməyə bir şey tapılar?
– Bir az makaron yeməyi var, – baş həkim cavab verdi.
– Nə var, verin.
Baş həkim sanitara nəsə dedi. O, binanın digər başına gedib qazançanın içində soyuq makaron gətirdi. Mən onu Qordiniyə verdim.
Zavodun həyətinə çıxıb qaçmağa üz qoyduq. Sahildə mərmi partladı. Daha bir mərmi də yaxınlığımıza düşdü. Hər ikimiz üzüqoylu yerə uzandıq. Gurultu səsi kəsən kimi Qordini ayağa durub blindaja qaçdı. Mən də onun ardınca yüyürdüm. Üç sürücü əvvəlki kimi blindajda divarın dibində oturmuşdu.
– Buyurun, – deyib qazançanı Qordinidən alaraq onlara uzatdım. Sürücülər irəli gəldilər. Çəngəl yoxdu. Dördü də çənəsini lap qazançanın içinə salıb yeyirdilər.
Bayırda gurultu səngimir, yer aramsız titrəyirdi. Biz isə yeməyə davam edirdik. Birdən növbəti partlayış eşidildi və əcaib səslər gəlməyə başladı. Qəfildən ətraf ağ, sonra isə qırmızı rəngə boyandı. Bu qırmızı burulğan məni göyə fırlatdı. Öncə elə bildim ölmüşəm. Lap yanımda kiminsə: «Ana! Ay ana!» – deyə inildədiyini duydum. Birtəhər yana çevrildim. Bu, Passi idi. Mən ona toxunanda çığırdı. Ayaqları mənə tərəf uzanmışdı. Ani bir işıq düşdü. Gördüm ki, onun hər iki ayağı dizdən yuxarı parça-parça olub. Bir ayağı tamam yerindən qopub ayrılmışdı. O biri isə əzələlərdən və parçalanmış şalvarından asılı qalmışdı. Kəsilib qopmuş ayaq öz-özünə səyriyirdi. Passi əlini dişləyə-dişləyə zarıyırdı: «Ay ana, ana! İlahi, mənə ölüm ver! Dözə bilmirəm, dözə bilmirəm…» Sonra əlini dişləyərək sakitləşdi. Qopmuş ayağı isə hələ də səyriməkdəydi.
– Xərək, xərək! – deyə qışqırdım. Passinin ayağını sarımaq üçün ona doğru sürünmək istədim, ancaq yerimdən tərpənə bilmədim. Yenidən cəhd elədim. Birtəhər dirsəklərimin üstündə sürünərək Passiyə yaxınlaşdım. Səsi gəlmirdi. İstədim köynəyimin ətəyindən cırıb ayağını sarıyam. Ancaq parça möhkəm idi. Çox keçməmiş məlum oldu ki, sarğı bağlamağa ehtiyac qalmayıb. Artıq Passi ölmüşdü. Qalan üç nəfərin başına nə gəldiyini müəyyənləşdirmək lazım idi. Birtəhər belimi düzəldib oturdum. Yalnız bu vaxt fərqinə vardım ki, yaralanmışam. Qəfil düşən işıqda ayaqlarımın qan içində olduğunu gördüm.
Kimsə qoltuğumdan yapışdı, başqa birisi də ayaqlarımdan qaldırdı.
– Mənəm, Manyeradır, – qoltuğumdan yapışan şəxs dedi və mən onu yalnız indi tanıdım. – Biz xərək dalınca getmişdik, ancaq tapa bilmədik. Necəsiz, cənab leytenant?
– Qordiniylə Qavutssi hanı bəs?


– Qordini məntəqədədir, yarasını sarıyırlar. Qavutssi isə hazırda ayağınızdan tutub. Siz ağır yaralanmısız?
– Bilmirəm… Qordiniyə nə olub?
– Şükür, yaxşı qurtarıb.
Sarğı məntəqəsinin qarşısında çoxlu yaralı uzanmışdı. Ölüləri bir kənara yığmışdılar. Həkimlər qollarını çiyinlərinə qədər çırmayıb işləyirdilər; qəssab kimi qana bulaşmışdılar. Yaralılardan bəziləri zarıyırdılar, ancaq əksəriyyəti sakitcə uzanmışdı. Hava soyuyurdu. Biz məntəqəyə çatan kimi Manyera feldşer gətirib gəldi, hər iki ayağıma sarğı qoydular. Feldşer dedi ki, yaraya palçıq dolduğuna görə qan itkisi azdır. Əməliyyat olunacağımı bildirdi. Manyera dedi ki, Qordini maşını sürə bilməyəcək: çiyni sınıb, başından isə yaralanıb. Manyera və Qavutssi yaralıları öz maşınlarına yığıb getdilər. Hərəsində iki sanitar olan üç ingilis maşını gəldi. İngilis sürücülərdən biri mənə yanaşdı.
– Yaranız ağırdır? – soruşdu. O, ucaboy adam idi, polad sağanaqlı gözlük taxmışdı.
– Ayaqlarımın ikisi də qan içindədir.
– Mən sizi şəhərdə görmüşəm. Dedilər, siz amerikalısız.
– Bəli.
– Mən də ingilisəm.
– Doğrudan?
– Bəli. Siz elə bilirdiz italyanam?
– Əgər bizim maşınlara bir əncam çəkə bilsəniz, çox yaxşı olar, – dedim.
– Biz onları sizə lap saz vəziyyətdə qaytararıq, – o dedi. – İndi sizi burdan birtəhər çıxarmaq lazımdır. Bu saat həkimlərlə danışaram. Biz gedəndə sizi də özümüzlə apararıq.
O, ehtiyatla yaralıların arasından keçərək qapıya tərəf getdi. Bir azdan məntəqənin adyal salınmış qapısından hündürboy ingilislə iki sanitar içəri girdi. O, italyanca:
– Budur amerikalı leytenant, – dedi.
– Mən gözləyə bilərəm, – dedim. – Burada daha ağır yaralılar var.
O mızıldandı:
– Yaxşı, yaxşı… Özünüzü qəhrəman kimi göstərməyin, – sonra isə italyanca əlavə elədi: – Ehtiyatla qaldırın.
Onlar məni qaldırıb məntəqənin binasına gətirdilər. Bütün stolların üstündə əməliyyat aparırdılar. Baş həkim məni tanıyıb fransızca soruşdu:
– Hə, pis deyilsiniz ki?
– Pis deyiləm, – cavab verdim.
– Onu mən gətirmişəm, – ucaboy ingilis italyanca dedi. – Amerikan səfirinin yeganə oğludur. Onunla məşğul olanacan burda uzansın. Sonra elə birinci reyslə apararam, – ardınca mənə tərəf əyilib pıçıldadı: – Gedim sənədlərinizi qaydaya saldırım. Onda hər şey asan olar.
Məni qaldırıb stolun üstünə qoydular. Stol bərk və sürüşkən idi. Hər tərəfdən kəskin iy gəlirdi. Şalvarımı çıxartdılar. Həkim ayaqlarımı diqqətlə gözdən keçirib feldşer-assistentə diktə etməyə başladı:
– Sol və sağ budunda, sol və sağ dizində, sağ pəncəsində çoxlu yüngül yara, sağ dizində dərin yara, başında açıq yara, kəllə sümüyünün çatlaması ehtimalı. Döyüş postunda yaralanmışdır.
Assistent onun dediklərini kağıza köçürdü.
Bir az sonra ingilis maşını gəldi. Məni xərəyə uzadıb maşının kuzasına qoydular. Yanımda bir xərək də vardı. Bu xərəkdə sifəti tamamilə sarınmış bir nəfər uzatmışdılar. O, ağır-ağır nəfəs alırdı. Daha iki xərəyi qaldırıb yuxarıdakı qayışlara keçirdilər. Ucaboy ingilis yaxınlaşıb qapıdan baxdı.
– Yavaş sürəcəyəm, – dedi. – Çalışaram ki, sizi incitməyim.
Biz tərpəndik. Mən sakit uzanmışdım. Ağrıya dözmək üçün var gücümü toplamışdım.
Çox keçmədi ki, yuxarıdan nəyinsə damcıladığını, sonra isə süzülüb axdığını hiss etdim. Tez sürücünü səslədim.
– Nə olub? – o soruşdu.
– Üstümdəki yaralını qan aparır.
– Aşırıma az qalıb. Təkbaşına xərəyi çıxara bilmərəm.
Qanın brezentin harasından axıb töküldüyünü görmürdüm. Bir az kənara çəkilsəm də, qan yaxama tökülüb köynəyimi bədənimə yapışdırmışdı. Mən həm donurdum, həm də ayağım elə bərk ağrıyırdı ki, ürəyim bulanırdı. Bir az sonra yuxarıdan axan qan yavaşıdı.
– Hə, nə təhərdi orda vəziyyət? – ingilis qanrılaraq soruşdu. – Biz lap çathaçatdayıq.
– Mənə elə gəlir ki, o ölüb, – dedim.
Posta çatan kimi sanitarlar xərəkləri çıxartdılar, başqalarıyla dəyişdilər. Biz yolumuza davam etdik.

8
Səhra hospitalının palatasında mənə dedilər ki, nahardan sonra yanına gələn olacaq. İsti bir gün idi, otaqda isə çoxlu milçək vardı. Onların əlindən güclə yata bilirdim. Oyananda ayaqlarım göynəyirdi.
Sanitarlardan biri Rinaldini palataya gətirdi. O cəld addımlarla mənə yaxınlaşdı və əyilib üzümdən öpdü.
– Hə, işlər necədir? Özünüzü necə hiss edirsiniz? Bir xoş xəbər var: siz gümüş medala təqdim olunmusuz; amma bu, tunc da ola bilər.
– Nədən ötrü?
– Axı siz ciddi yaralanmısız. Belə deyirlər ki, əgər igidlik göstərdiyinizi sübut etsəniz, gümüş medal alacaqsınız. Yoxsa tunc olacaq. İgidlik göstərmisiniz?
– Yox, – dedim. – Mərmi partlayanda makaron yeyirdim.
– Axmaqlıq eləməyin. Ola bilməz ki, bir igidlik göstərməyəsiniz. Yaxşı yadınıza salın.
– Heç bir şey eləməmişəm. Qızlardan nə xəbər?
– İki həftədir ki, onların növbəsini dəyişmirlər. Lap biabırçılıqdır!
Rinaldi ilə bir qədər çənə döydükdən sonra o mənimlə xudahafizləşib getdi.
Çox keçməmiş yanıma keşiş gəldi.
– Özünüzü necə hiss edirsiz? – o da hamı kimi soruşdu. Sonra isə əlindəki boğçanı yatağın yanına, yerə qoydu.
– Yaxşıyam, müqəddəs ata.
Keşiş stulda əyləşdi və pərt halda pəncərəyə baxdı. Çox yorğun görkəmi vardı.
– Mən bircə dəqiqəliyə gəlmişəm, – dedi. – Çox qala bilmərəm. İcazə vermirlər.
– Niyə ki? Oturun bir az. Təzə nə xəbər var?
O gülümsündü.
– Əvvəlki kimi yenə məni lağa qoyurlar, – onun səsində də yorğunluq hiss olunurdu. – Allaha şükür, hamı sağ-salamatdır. Çox şadam ki, bu cür qurtarmısınız. Çox ağrıtmır ki?
Mən onu heç vaxt belə görməyə adət etməmişdim.
– İndi o qədər də ağrıtmır, – dedim.
– Orda sizsiz çox darıxıram.
– Mən də burda darıxıram. Sizinlə söhbət etmək mənim üçün həmişə xoşdur.
– Sizə bəzi şeylər gətirmişəm, – dedi. Boğçasını döşəmədən qaldırıb içindəkiləri bir-bir göstərdi. – Bu mığmığa torudur. Bu da bir şüşə vermut[3 - Vermut – dərman bitkiləri və ədviyyatlardan hazırlanan içki]. Vermut xoşlayırsız? Hə, bu da ingilis qəzetləri…
– Bunları böyük məmnuniyyətlə oxuyaram.
– Onları güc-bəlayla tapmışam. Yenə də taparam.
– Lütf edib yanıma gəldiyiniz üçün sizə təşəkkür edirəm, müqəddəs ata, – bir az ordan-burdan laqqırtı vurduqdan sonra soruşdum. – Sizə nə olub, niyə belə yorğun görünürsünüz?
– Mümkün olsa, Abrutssıya qayıdacam, – keşiş dedi. – Orda yaşamaq və sevərək Allaha xidmət etmək… Orda – mənim vətənimdə insanın Allahı sevməsi təbii bir şey sayılır, yoxsa iyrənc hoqqabazlıq hesab edilmir.
– Başa düşürəm.
O mənə baxıb gülümsədi.
– Başa düşürsüz, amma Allahı sevmirsiz.
– Bəzən gecələr ondan qorxuram.
– Yaxşı olardı ki, onu sevəydiz.
– Mən heç kəsi sevmirəm.
– Sevəcəksiz. Bilirəm ki, sevəcəksiz. Onda siz xoşbəxt olacaqsız.
– Bəs qadına məhəbbət? Əgər mən, doğrudan da, bir qadını sevsəydim, onda da belə olacaqdı?
– Bunu bilmirəm. Çünki mən heç bir qadını sevməmişəm.
– Bəs öz ananızı?
– Bəli, anamı, görünür, sevmişəm.
– Siz Allahı həmişə sevmisiz?
– Lap uşaqlıqdan.
– Belə… – dedim. –Siz hələ çox cavansız.
– Cavanam, – dedi, – amma siz mənə «müqəddəs ata» deyirsiz.
– Bu, nəzakət üçündür.
O gülümsündü.
– Getməliyəm, – dedi. – Mənə görə bir qulluğunuz var?
– Hədiyyələr üçün sağ olun.
– Dəyməz.
– Əlvida! – mən yerli şivə ilə dedim.
– Çao, – o qarşılıq verdi.

9
Ertəsi günün səhəri palata həkimi məndən soruşdu ki, sabah yola düşmək üçün gücüm çatarmı? «Çatar» deyəndə səhər tezdən yola salınacağımı bildirdi.
Onlar məni mütləq Milana göndərmək istəyirdilər. Yeni hücum başlanana qədər yaralıları arxaya göndərib hospitalı boşaltmağa tələsirdilər.
Səhra hospitalından çıxıb gedəcəyim gün Rinaldi gəldi. Axşam düşmüşdü. Bizim baş həkim də onun yanındaydı. Dedilər ki, məni Milana, yenicə açılmış Amerika hospitalına göndərirlər. Ora Amerikadan bir neçə sanitar dəstəsinin gələcəyi gözlənilirdi. Bu hospital İtalyan ordusundakı amerikalılara xidmət etməliydi.
Rinaldi dedi:
– Ah, əzizim, siz gedəndən sonra mən neyləyəcəm?
Mən, sadəcə, gülümsündüm. Məlum oldu ki, miss Barkli də Milana göndərilir.
Səhəri gün tezdən Milana yola düşdük və ora iki gün sonra çatdıq. Bizi yük stansiyasında düşürtdülər. Sanitar avtomobili məni amerikan hospitalına apardı.
Hospitalın həyətində sanitarlar xərəyi yerə qoyub binaya girdilər. Qapıçıyla qayıdıb məni götürdülər.
Lift yavaş-yavaş qalxdı. Biz meydançaya bənzər dəhlizə çıxdıq. Otaqlardan birinin zəngini basdılar. Heç kəs cavab vermədi.
– Bəs bunlar hanı? – sanitarlardan biri soruşdu.
Qapıçı qapını döyüb içəri girdi. Qayıdanda arxasınca gözlük taxmış, şəfqət bacısı geyimində qoca bir qadın gəlirdi.
– Mən italyanca başa düşmürəm, – o dedi.
– Burda məni bir otağa yerləşdirmək lazımdır, – ingiliscə dedim.
– Bircə palata da hazır deyil. Biz hələ heç kəsi gözləmirdik.
– Allah xatirinə, məni bura yerləşdirin! – bükülmüş ayaqlarımda ağrı getdikcə şiddətlənirdi. Qapıçı ağsaçlı şəfqət bacısıyla uzaqlaşdı, tez də geri qayıtdı.
– Ardımca gəlin, – o, sanitarlara dedi. Məni uzun dəhlizlə apardılar. Pərdələri örtülü bir otağa daxil olduq. İçəridən təzə mebel iyi gəlirdi. Divarın dibində çarpayı qoyulmuşdu. Küncdə iri güzgülü şkaf vardı.
Məni xərəkdən götürüb çarpayıya uzatdılar.
Qapıçı çarpayının ayaq tərəfində durmuşdu. O çox mehriban adam təsiri bağışlayırdı.
– Siz gedə bilərsiz, – qapıçıya dedim, sonra isə qoca qadına səsləndim. – Elə siz də! Ancaq getməmişdən əvvəl adınızı öyrənə bilərəm?
– Adım miss Uokerdir, – qadın cavab verdi.
Tezliklə yuxuya getdim, oyananda isə su içmək istədim. Düyməni basdım. Qapı açıldı, şəfqət bacısı içəri girdi. Bu, bayaqkı qadın yox, başqası idi. Cavan və gözəl görünürdü.
– Sabahınız xeyir, – dedim.
– Sabahınız xeyir, – deyə o, çarpayıya yanaşdı. – Biz doktoru çağıra bilməmişik. Bu gün bura kimisə gətirəcəklərini gözləmirdik. Sizə nə olub?
– Mən yaralıyam; dizlərim, pəncələrim… başım da zədələnib.
– Adınız nədir?
– Henri. Frederik Henri.
– İndi sizi yuyunduraram. Ancaq doktor gələnə qədər sarğılara əl vura bilmərik.
– Bilmirsiz, miss Barkli burda deyil ki?
– Xeyr, bizdə elə adam yoxdur.
Bu vaxt miss Uoker əlində pijama ilə gəlib çıxdı. Onlar pijamanı əynimə geydirdilər. Özümü şux və təmiz hiss etdim.
– Siz çox mehribansınız, – dedim. Miss Heyc adlı digər şəfqət bacısı güldü. Bir stəkan su və pəncərəni açmasını istədim. Pəncərədən damların kirəmiti, tüstü bacaları, onların üstündə isə ağ buludlu mavi səma görünürdü.
Doktorun nə vaxt gələcəyini soruşdum. Artıq ona xəbər verdiklərini, nə vaxt gələcəyini isə bilmədiklərini söylədilər.
Şəfqət bacıları gedəndən bir az sonra mən yenə yuxuya getdim. Səhər yeməyindən sonra müdir miss Van-Kampen gəldi. Məni xeyli boş sorğu-suala tutdu. Nə o mənim xoşuma gəldi, nə də mən onun. Bu qadın balacaboy, hər xırda şeydən şübhələnən, lovğa birisi idi. Görünür, italyan ordusunda qulluq eləməyimi rüsvayçılıq sayırdı.
Müdir çıxandan sonra miss Heyc otağa girdi.
– Bu saat sizə şam yeməyi gətirərəm.
– Lazım deyil, – dedim. – Ac deyiləm.
Buna baxmayaraq o, podnosu gətirib yatağın yanındakı balaca stolun üstünə qoydu. Təşəkkür edib bir az yedim. Sonra qaranlıqda projektor işıqlarının necə dolaşdığını seyr edə-edə növbəti dəfə yuxuya getdim.

10
Oyananda, günəş otağı parlaq işığa qərq eləmişdi. Yarıyuxulu olduğumdan öncə elə bildim yenə cəbhədəyəm. Yataqda ayaqlarımı uzatdım. Ayaqlarım ağrıdı. Onlara baxıb çirkli tənzifləri görəndə harda olduğumu xatırladım. Əlimi uzadıb zəngin düyməsini basdım. Tez bir zamanda miss Heyc qarşımda peyda oldu.
– Sabahınız xeyir, – dedi. – Necə yatdınız?
– Yaxşı. Təşəkkür edirəm, – dedim.
– Sizin soruşduğunuz miss Barkli gəlib.
– Doğrudan?
– Bəli. O mənim xoşuma gəlmədi.
– Əminəm ki, sonra gələcək. O, çox yaxşı qızdır.
– Zəhmət olmasa, bir az belə çəkilin. Sizi səhər yeməyinə hazırlayım.
O mənim əl-qolumu, üz-gözümü ilıq su ilə yudu.
– Olmaz ki, səhər yeməyindən əvvəl bərbər çağırasınız?
– Bu saat qapıçıya deyərəm.
Bir az keçmiş qapıçı bərbərlə içəri girdi. Bərbər bığları yuxarı eşilmiş, əlli yaşlarında bir kişiydi. Üzümü sabunlayıb işə başladı. Mısmırığını sallayıb təkəbbür satırdı.
– Niyə susursunuz? Təzə xəbərlərdən danışın, – dedim.
– İndi müharibə gedir, nə danışım. Düşmənin hər yerdə qulağı var. Xahiş edirəm, başınızı tərpətməyin. Ülgüc itidir. Bir şey deməyəcəyəm.
– Axı sizə nə olub?
– Mən italyanam. Düşmənlə nə söhbətim?
O, işini bitirdi. İstədiyi pulu, üstəlik də yarım lirə bəxşiş verdim.
– İstəmirəm, – deyib beş dənə mis qəpiyi stolun üstünə qoydu.
– Rədd olun cəhənnəmə!
– İcazənizlə, – deyərək qapıdan çıxdı.
Qapıçını çağırdım. O özünü gülməkdən zorla saxlayırdı. Soruşdum:

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289841) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Spagetti – bütöv, bölünmədən bişirilən və müxtəlif ədviyyatlarla yeyilən nazik, uzun formalı makaron növü

2
Frenç – üstdən dörd cibi və daldan kəmərciyi olan hərbi gödəkçə

3
Vermut – dərman bitkiləri və ədviyyatlardan hazırlanan içki
Əlvida  silah! Эрнест Миллер Хемингуэй

Эрнест Миллер Хемингуэй

Тип: электронная книга

Жанр: Литература 20 века

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Əlvida, silah!, электронная книга автора Эрнест Миллер Хемингуэй на азербайджанском языке, в жанре литература 20 века

  • Добавить отзыв