Lessi

Lessi
Erik Nayt
Dünya ədəbiyyatından seçmələr
İşini itirən və ailəsi çətin vəziyyətə düşən Sem evin sevimli iti Lessini başqasına satmalı olur. Bundan sonra baş verənlər sizi çox təsirləndirəcək.

Erik Nayt
LESSİ

I FƏSİL
Satılmır
Qrinol-Bric qəsəbəsində hamı Lessini – Sem Kerraklafın itini tanıyırdı. O, demək olar ki, bütün ətrafda ən məşhur it idi. Buna bir neçə səbəb var idi.
Əvvəla, qəsəbənin hər bir sakini ondan daha qəşəng kolli[1 - Kolli – Şotlandiya və Şimali İngiltərədə yaşayan çobaniti cinsi] görmədiyini etiraf edərdi. Bundan böyük tərif ola bilməzdi, çünki Qrinol-Bric Yorkşir qraflığında yerləşir. Yorkşirin itləri isə bütün itlərdən üstündür! Burada, İngiltərənin sərt iqlimi olan şimalında dünyada tayı-bərabəri olmayan itlər yaşayır. Çılpaq düzənliklərdə külək tüğyan edir, soyuq yağış göydən tökür, amma itlərin tükü daha da qalınlaşır və gözəlləşir. Onların özləri də buranın insanları kimi möhkəm olurlar. Buranın insanları isə itləri sevirdilər. Çoxunun da əla iti var idi. Amma qəsəbə sakinlərinin hamısı bir ağızdan təsdiq edirdi ki, əgər kimsə, nə vaxtsa Qrinol-Bricdə Sem Kerraklafın üçrəngli kollisindən, Lessidən daha qəşəng it böyüdübsə də, bu lap çoxdan, onlar dünyaya gəlməzdən qabaq olub.
Amma Lessini hamının qəsəbədə yaxşı tanımasının başqa səbəbi də var idi. İş orasındadır ki, qadınların dediyinə görə, saatı bu itlə bilmək olardı. Hər şey üç il əvvəl, Lessi biryaşlı, şən və dəlisov küçük olan vaxt başlamışdı. Bir dəfə Sem Kerraklafın oğlu Co Kerraklaf bərk həyəcanlı vəziyyətdə qaçıb evə gəlmişdi.
– Ana, ana! – o az qala nəfəsi kəsilərək qışqırırdı. – Bu gün məktəbdən çıxanda, səncə, kim orada oturub məni gözləyirdi? Lessi! Fikrincə, o mənim harada olduğumu necə bilib?
– Yəqin, iyini alıb. Ağlıma ayrı heç nə gəlmir.
Elə, ya da belə, amma Lessi səhəri gün də, üçüncü gün də məktəbin qabağında gözləyirdi. Həftələr, aylar, illər dolanır, amma bu davam edirdi. Qadınlar evlərinin pəncərəsindən boylanıb, dükançılar iş yerlərinin qabağında dayanıb yanlarından asta-asta, tələsmədən qaçan mərd, qızılı xallı, ağ-qara iti görür və deyirdilər: “Lessi qaçır – dördə qalıb beş dəqiqə!”
Havadan asılı olmayaraq, istər göyün üzü açıq olsun, istər yağış yağsın, it həmişə eyni yerdə oğlanı gözləyirdi. Xoşbəxt görüş anı yetişir, sonra ikisi bir yerdə evə qayıdırdı. Artıq dördüncü il idi ki, bu hər gün belə davam edirdi.
Yeknəsəq həyatla yaşayan qəsəbədə Lessi hamının sevimlisinə çevrilmişdi. İnsanlar Lessini ən çox özlərinin də izah edə bilmədikləri, ləyaqətləri ilə bağlı nəyisə təcəssüm etdirdiyi üçün sevirdilər. İnsanların ləyaqəti isə pul məsələsi ilə bağlı idi.
Adətən, kiməsə məxsusi gözəl bir it böyütmək müyəssər olurdusa, günlərin bir günü o artıq it olmaqdan çıxıb pul qazandıra biləcək dördayaqlı nəyəsə çevrilirdi. O, əlbəttə, it olaraq qalırdı, amma onun haqqında varlı bir adam, yaxud hansısa alverçi xəbər tutsa, ona müştəri də çıxa bilərdi. Varlı da iti eynilə kasıb kimi sevə bilərdi, burada onların arasında fərq yox idi. Fərq onların pula olan baxışlarında idi. Kasıb oturub qışa nə qədər kömür, neçə cüt başmaq, uşaqların sağlam böyüməsi üçün nə qədər ərzaq lazım ola biləcəyi haqda düşünə, sonra isə evə gəlib deyə bilərdi:
“Ayrı yolumuz yoxdur. Özümüzə ayrı bir küçük götürüb böyüdərik. Onu da bunun kimi sevərsiz”.
Bu yolla Qrinol-Bricdən neçə-neçə it getmişdi. Amma Lessidən başqa!
Bütün qəsəbə bilirdi ki, hətta buradan bir mil aralıda, özünün nəhəng malikanəsində yaşayan və çoxlu qəşəng iti olan hersoq Radlinqin özü belə Sem Kerraklafdan onun Lessisini ala bilməz.
Üç il ərzində hersoq Sem Kerraklafdan onun kollisini almağa cəhd göstərdi, ancaq Sem dediyindən dönmədi:
– Əlahəzrət, qiyməti artırmağa lüzum yoxdur, qiymət yaxşıdı, amma iş orasındadır ki, it satılmır. Heç bir pula.
Qəsəbədə bu hamıya məlum idi. Məhz buna görə Lessi buranın sakinləri üçün çox şey ifadə edirdi. Köpək pulun onların əlindən ala bilmədiyi xüsusi ləyaqətlərini təmsil edirdi.
Ancaq itlər insanlara məxsus olur, insanları isə tale qamçılayır. Hərdən insanın həyatında elə məqam gəlir ki, tale ona çox ağır zərbə vurur və o, ailəsini ac qoymamaq üçün boynunu bükməli, məğrurluğundan vaz keçməli olur.

II FƏSİL
“Mənə başqa it lazım deyil…”
İt yerində yoxdur! Co Kerraklafa məlum olan təkcə bu idi.
Həmin gün o, dərsdən sonra hamı ilə birlikdə qaça-qaça məktəbdən çıxmışdı. Vərdişi üzrə həmişə Lessinin onu gözlədiyi yerə gəlmişdi. Amma o, orada yox idi!
Möhkəm bədənli, xoşsifət oğlan olan Co Kerraklaf dayanıb baş verəni anlamağa çalışırdı. Əvvəlcə gözlərinə inanmaq istəmədi.
O, küçəni başdan-ayağa gözdən keçirdi. Bəlkə, Lessi gecikir? Ancaq o, işin bunda olmadığını bilirdi. Heyvanlar insanlara bənzəmir. İnsanların saatları olsa da, həmişə gecikirlər. Heyvanlara isə vaxtı bilmək üçün mexaniki cihaz lazım deyil, onların daxilində saatdan daha dürüst işləyən nəsə var.
Co Kerraklaf isti may günəşinin altında durub düşünürdü: “Bəlkə, it maşının altında qalıb?!”
Bu fikirdən diksindi və onu özündən uzaqlaşdırdı. Lessi küçə ilə necə getmək lazım olduğunu bilirdi, yaxşı təlim keçmişdi. Qəsəbədə maşın da elə çox deyildi. Şose yolu bir mil aralıdan, çayın sahili boyu, vadidən keçirdi. Qəsəbəyə isə kəndarası yol gəlirdi. O da bataqlığa çatanda piyada cığırına çevrilirdi.
Bəlkə, Lessini qaçırıblar!
Amma bu da ağlabatan deyildi. Əgər Lessinin yanında Kerraklaflardan kimsə olmasa və tabe olmağı əmr etməsəydi, kənar adam ona yaxınlaşa bilməzdi. Bir də ki Qrinol-Bric və onun ətrafında Lessini yaxşı tanıyırdılar, onu qaçırmağa heç kim cürət etməzdi.
Bəs o harda ola bilər?
Co Kerraklaf bu suala cavab tapmaq üçün dünyada yüz minlərlə oğlan uşağının edə biləcəyini etdi. O, evə qaçıb anasından soruşmaq qərarına gəldi.
Evə çatanda elə kandardaca ucadan qışqırdı:
– Ana! Ana!.. Lessinin başına nəsə iş gəlib! O məni qarşılamadı!
Bunu deyər-deməz nəsə bir pis iş baş verdiyini anladı. Nə anası, nə də atası yerlərindən sıçrayıb heç nə soruşmadılar. Onlar sanki gözəl itlərinin başına nəsə gəldiyindən qorxmadılar.
Co buna fikir verdi. O, qapıya söykənib gözləyirdi. Anası açdığı çay süfrəsindən gözünü çəkmirdi. Bir saniyə susduqdan sonra ərinə baxdı.
Co Kerraklafın atası ocağın qabağında, alçaq stulda oturmuşdu. O çöndü, sonra heç nə deməyib yenidən üzünü çevirib oda baxmağa davam etdi.
– Ana, nəsə bədbəxtlik baş verib? – Co hıçqırdı.
– Kimsə ona izah etməlidir axı, – əlindəki boşqabları stolun üstünə qoyan missis Kerraklaf dedi.
Əri tərpənmədi. Qadın üzünü oğluna tutdu:
– Co, onsuz da özün bunu öyrənəcəkdin. Lessi daha səni məktəbin qabağında gözləməyəcək. Bəsdir gözünün suyunu tökdün.
– Niyə gözləməyəcək? Ona nolub?
– Cünki o satılıb. Buna görə.
– Satılıb? – oğlan təkrar etdi. – Axı siz onu niyə satdınız… bizim Lessini… niyə satdınız?
– O satılıb, onu apardılar, vəssalam. Soruşmalı bir şey yoxdur. Daha heç nəyi dəyişmək olmaz. İt yoxdur, qurtardı. Bir daha bu barədə danışmayaq.
– Ana, axı necə…
Anası onun sözünü kəsdi:
– Bəsdir! Gəlin çay içək! Hə, oturun görüm!
Oğlan sakitcə stol arxasında öz yerinə əyləşdi.
– Sem, otur, nəsə ye. Hərçənd çayla verməyə elə də bir şeyim yoxdu…
Əri acıqla ayağa qalxanda arvad səsini kəsdi. Amma bir söz də demədən qapıya yaxınlaşdı, papağını götürüb evdən çıxdı. Arxasınca qapı çırpıldı. Bir müddət içəridə heç kim danışmadı. Sonra qadın deyinməyə başladı:
– Gördün, neylədin? Atanı lap hirsləndirdin. Razısan əməlindən?
Qadın kresloya əyləşib gözünü süfrəyə dikdi. Co bilirdi ki, anası onu günahlandırmaqda haqlı deyil. Amma onu da anlayırdı ki, anası bu yolla özünün ağrısını ört-basdır edir.
– Yaxşı, Co. Ye!
Oğlan boşqaba baxır, tərpənmirdi.
– Ye, Co. Özünə yaxma düzəlt. Bax, təzə çörəkdir, təzəcə bişirmişəm… Nədi, istəmirsən? – anası yumşaq tərzdə dedi.
Oğlan başını aşağı saldı:
– Heç nə istəmirəm.
– Of, itlər, itlər! – anası hirsləndi. – Bir itə görə hay-küyə bax! Bilmək istəyirsənsə, Lessinin olmamağına sevinirəm. Uşağa baxmaq kimi bir şey idi. İndi o yoxdur, mənim də işim azalıb, buna sevinirəm, düz sözümdür!
Missis Kerraklaf burnunu çəkdi, sonra önlüyünün cibindən dəsmalını çıxarıb burnunu sildi. Başını qaldırıb hərəkətsiz oturan oğluna baxdı, qəmli halda başını buladı:
– Co, bura gəl görüm.
Oğlan yerindən qalxıb anasının qabağında dayandı. Qadın oğlunu qucaqladı:
– Co, artıq böyük oğlansan, başa düşməlisən. Özün görürsən… çətin vaxtlardır… Bilirsən işlər nə yerdədi. Yemək almaq lazımdı, evin yiyəsinə pul ödəməliyik. Lessiyə görə yaxşı pul verirdilər və… Bir sözlə, biz… onu özümüzdə saxlaya bilməzdik, vəssalam. Çətin zəmanədir, sən atanın əhvalını pozmamalısan. Onsuz da sakitləşə bilmir… və… vəssalam! İt yoxdur!
Kiçik Kerraklaf ocağın böyründə, anasının yanında dayanmışdı. Qrinol-Bricdə hətta on iki yaşlı oğlanlar da “çətin zəmanə”nin nə olduğunu anlayırdılar.
Lap uşaqlıqdan bilirdilər ki, ataları qəsəbədən bir az kənarda yerləşən Vellinqton mədənlərində işləyirdilər. Sonra “çətin zəmanə” gəldi. Şaxtada iş saatı azaldı. Atalarının qazancları da. Bir neçə ay əvvəl isə şaxtanı tamam bağladılar. Qəsəbədə ayrı iş yox idi. Çörəkpulu qazanmaq mümkün deyildi. Hökumət insanlar acından ölməsin deyə həftəlik maddi yardım verirdi.


Co bütün bunları bilirdi. Bilirdi ki, atası daha işə getmir. Ata və anasının onun yanında bu barədə danışmaq istəmədiklərini də bilirdi. Ağlı bunu dərk etsə də, ürəyi “Lessi” deyə hayqırırdı. O yerindən tərpənmədən dayanmışdı. Sonra anasına bircə sual verdi:
– Ana, biz onu necəsə geri ala bilərik?
– Bilirsənmi, Co, o çox qiymətli itə çevrilmişdi, bizim isə onu saxlamağa daha imkanımız çatmırdı. Amma biz necəsə özümüzə başqa bir it taparıq. Bir az döz. Vəziyyət düzələr və biz evə bir küçük götürərik. İstəyərdin?
Co Kerraklaf başını buladı:
– Mənə başqa it lazım deyil. Heç vaxt! Mənə yalnız… yalnız Lessi lazımdır!

III FƏSİL
Qəzəbli qoca
Hersoq Radlinq çəpərin yanında dayanıb ətrafa boylanırdı. Yenidən səsini ucaltdı.
– Haynz! – bağırdı. – Haynz! Bu hara yoxa çıxıb!
Hersoqu Yorkşir qraflığının ən qəzəbli qocası hesab edirdilər. Bu dəqiqə pörtmüş, ağ saçları dağınıq şəkildə dayanan hersoq eynilə belə görünürdü.
O, davranışı və danışıq tərzi ilə bu adı özü qazanmışdı.
Buna hersoqun ağır eşitməsi və hamı ilə sanki qoşun hissəsinə əmr verirmiş kimi danışması da səbəb ola bilərdi. Nə vaxtsa o, həqiqətən də, hərbçi olmuşdu. Bir də onun əlində çəliklə yox, düyünlü taxta ilə gəzmək və danışanda onu yelləmək vərdişi var idi. Bundan başqa, o hər şeyə dözümsüzlük göstərirdi. Hersoq qəti əmin idi ki, “dünya batır”, heç nə onun gəncliyindəki kimi deyil: cavanlar o vaxtlar olduğu kimi cəsur, qadınlar isə qəşəng deyil. Heç güllər də o cür ətir saçmır. İtlər isə… əgər bir-iki babat it qalıbsa, buna səbəb də bu itlərin məhz ona məxsus olmasıdır.
Hersoq tam əmin idi ki, indiki adamlar ingilis dilində də düz-əməlli danışa bilmirlər. Onun pis eşitməsinə də səbəb qulağının tutulması deyil, adamların sözləri tələffüz edə bilməməsi, pəltək danışmasıdır.
Gənc nəslə gəldikdə isə hersoq saatlarla iyirminci əsrdə doğulmuş adamların yararsız olduqları barədə danışa bilərdi.
Hersoq qohumlarından yalnız bircə nəfərə qarşı dözümlü idi. Nə qədər qəribə olsa da, bu onun ailəsinin ən kiçik üzvü, on iki yaşlı nəvəsi Pristsilla idi.
Hersoq çəpərin yanında dayanıb hirsli-hirsli əlindəki ağacı yelləyən zaman onun köməyinə gələn də məhz nəvəsi oldu.
O, babasının yanına gəlib əynindəki gödəkçənin cibini dartdı. Hersoq pırtlaşıq bığlarını qıza tərəf çevirdi.
– Hə, bu sənsən! Nəhayət, kimsə gəldi. Bu dünyanın axırı hara gedir? Qulluqçular yarıtmazdılar! Heç kim eşitmir, kar olublar! İngiltərə batır!
– Boş sözdür, – Pristsilla dedi.
Bu, özünəinamlı, fikirlərində kifayət qədər müstəqil gənc ledi idi. Daim babasının yanında olduğundan özünü onunla bərabərhüquqlu hesab edirdi.
– Nə dedin? – hersoq qıza yuxarıdan aşağı baxıb bağırdı. – Düz-əməlli danış görüm, nə fısıldayırsan?
– Dedim ki, boş sözdür.
– Boş söz?
Hersoq nəvəsinə baxıb bərkdən güldü. O əmin idi ki, əgər Pristsillanın onunla höcətləşməyə hünəri çatırsa, bu hünər ona məhz babasından keçib. Onun kefi açıldı:
– Yaxşı ki, sən gəldin! Yeni itimizi sənə göstərmək istəyirəm. Gözəl itdir! Aləmdir! Həyatımda ondan yaxşı kolli görməmişəm.
– Amma keçmiş zamanlarda olanlardan yaxşı ki deyil?
– Yenə nə fısıldayırsan? Heç nə eşitmədim.
Əslində hər şeyi eşitmişdi, amma özünü o yerə qoymadı:
– Bilirdim ki, əvvəl-axır o mənim olacaq. Üç il idi düşmüşdüm dalınca.
– Üç il?
– Hə, üç il. Elə fikirləşirdi ki, onu inadından döndərə bilməyəcəm. Amma mən deyən oldu. Üç il əvvəl mən ona itə görə on funt təklif etmişdim. Satmamışdı. Növbəti il qiyməti on ikiyə qaldırdım. Satmadı. Keçən il on beş təklif etdim və dedim ki, bundan çox verən deyiləm. İnanmadı, yarım il gözlədi. Keçən həftə xəbər göndərdi ki, razıdır.
– İti “dəyişmədiyini” hardan bilirsən?
Sual əbəs yerə verilməmişdi. Yorkşirlilər belə işlərdə usta idilər.
Ancaq Pristsillanın sualını eşitcək hersoq daha da bərkdən bağırdı:
– Hardan bilirəm? Çünki mən özüm də yorkşirliyəm, onların bütün hoqqabazlıqlarını, hətta ondan da artığını bilirəm. İt həmin itdir. Özü də ki onu… nədi onun adı… Kerraklafdan almışam. Onu tanıyıram. Belə iş görən deyil, özü də mənə qarşı. Heç vaxt!
O, nəvəsi ilə birlikdə itlər saxlanan qəfəslərə yaxınlaşdı. Yeni itin saxlandığı yerin qabağında dayandılar. Pristsilla yerdə uzanan iri qara-ağ-qızılı kollini gördü. İt başını qabaq pəncələrinin üstünə qoyub uzanmışdı.
Hersoq dili ilə səs çıxarıb onu səslədi. İt cavab vermədi. Bircə qulağının tərpənməsindən səsi eşitdiyini anlamaq olardı. Onu diqqətlə süzən adamlara fikir vermədən uzanmışdı.
Pristsilla əyildi, əllərini şappıldatdı və iti çağırdı:
– Kolli, bura gəl! Bura gəl! Bir mənə baxsana. Gəl yanıma.
Kolli iri, qonur və qəmli gözləri ilə bircə anlığına qıza çəpinə baxdı. Sonra yenidən boşluğa daldı.
Pristsilla dikəldi:
– Baba, it elə bil xəstədir!
– Boş şeydir! – hersoq bağırdı. – Sapsağlamdır. Haynz, Haynz! Bu sarsaq hara yoxa çıxıb?
– Gəlirəm, ser, gəlirəm! Məni çağırırdız? – hersoqun xidmətçisi peyda oldu.
– Təbii ki, çağırırdım! Karsız? Haynz, itə nə olub? Tükü rəngini itirib.
– Bilirsiniz, ser, o az yeyir. O bir az ərköyün böyüyüb. İtləri evdə, otaqda saxlayanda nazları ilə çox oynayırlar. Əlləri ilə yedizdirirlər. Amma mənim yanımda bu vərdişləri tərgidəcək. Bir neçə gündən sonra əsl it kimi yeməyə başlayacaq.
– Hə, Haynz, gör nə edirsən. Gözün üstündə olsun. Bu kolliyə yaxşı bax!
– Baş üstə, ser, əlimdən gələni edəcəm.
– Gəl bir etmə!
Hersoq bunu deyib burnunun ucunda nəsə deyinərək getdi. O bir az məyus idi. Pristsillaya yeni aldığı gözəl iti göstərmək istəyirdi. Qız isə əvəzində adi bir köpək gördü. Nəvəsinin səsini eşitdi:
– Nə deyirsən?
– Deyirəm ki, o adam itini sizə niyə satdı?
Hersoq dayandı, qulağını qaşıdı:
– Düşünürəm ki, o mənim, həqiqətən də, itə görə bundan artıq pul verməyəcəyimi anladı. Vəssalam.
Baba ilə nəvə köhnə, böyük evə tərəf yollananda Haynz üzünü qəfəsdəki itə tutdu:
– Hünərin var yemə! Elə yeyəcəksən ki! Lazım gəlsə, yeməyi öz əlimlə ağzına dolduracam.
İtin heç tükü də tərpənmədi. Təkcə gözlərini qıymaqla kifayətləndi. Sanki adama “səni tanımaq belə istəmirəm” deyirdi.
Adam çoxdan çıxıb getmişdi, it isə günəşin altında hərəkətsiz uzanmışdı. Kölgələr uzananda o, könülsüz ayağa qalxdı, başını qaldırıb burnunu küləyə əks istiqamətə tutdu, qoxunu aldı. İstədiyini duymadığından yavaşca zingildədi. Sonra qəfəsboyu qabağa-dala gəzişməyə başladı, sanki qarovul çəkirdi.
O, it idi və bizim kimi düşünmürdü. Onun beyni və bədənində əvvəlcə qeyri-müəyyən istək baş qaldırdı. Getdikcə bu istək daha aydın oldu. Zaman duyğusu onun beyni və əzələlərinə təkan verdi.
Birdən nə istədiyi Lessiyə aydın oldu. İndi o bilirdi.

IV FƏSİL
Lessi evə qayıdır
Co Kerraklaf məktəb binasından çıxıb darvazadan bayıra ayağını basanda gözlərinə inanmadı. Oğlan yerində donub-qaldı, sonra bərkdən qışqırdı:
– Lessi! Lessi!
O özünü itə tərəf atdı, qabağında dizi üstə oturdu, barmaqlarını onun qalın tükləri arasına saldı, sığalladı.
Sonra ayağa qalxdı, sevincindən lap atılıb-düşməyə hazır idi. Oğlanla itin özlərini aparmaqları arasında qəribə bir təzad var idi. Oğlan xoşbəxtlikdən özünü itirmişdi, it isə sakitcə oturmuşdu. Təkcə quyruğunu oynatması onun da oğlanı görməkdən şad olduğunu göstərirdi. O sanki deyirdi:
“Belə həyəcanlanmağa nə gərək var? Mən bura gəlməliyəm və gəlmişəm. Burda nə var ki?”
– Lessi, getdik, – oğlan dedi.
O, küçə ilə qaçmağa başladı. İlk anlarda itin burada necə peyda olduğu barədə düşünmədi. Ancaq bunun qəribə olduğu, nəhayət, ona çatanda bu fikri özündən uzaqlaşdırdı.
Belə qəribə bir hadisənin nə üçün baş verdiyini soruşmaq lazım deyil, əsas odur ki, o baş verib.
Ancaq həyəcan yatmaq bilmirdi. Bəlkə, atası iti geri alıb? Bəlkə də belədir!
O, Yuxarı küçə ilə qaçırdı, onun həyəcanı sanki, nəhayət, Lessiyə də keçmişdi. O da oğlanın yanı ilə qaçırdı.
Əmək birjasına çatanda Co sürətini azaltdı və elə bu vaxt onu bir kişi səsi çağırdı:
– Ey, oğlan, sən öz itini haradan tapmısan?
– Mən baxdım, bir də gördüm məktəb darvazasının qabağında oturub, – Co cavab verdi.
Amma indi o, həqiqəti bilir. Deməli, atası iti geri almayıb. Belə olsaydı, bunu artıq hamı bilərdi. Qrinol-Bric kimi qəsəbələrdə hamı hər şeyi bilir. Deməli, Lessi qaçıb! Belə de!
Co Kerraklaf artıq sevinə-sevinə qaçmırdı. İndi o, yavaş-yavaş, fikir içində evlərinə tərəf gedirdi. Qapıya çatanda arxaya döndü və qəmli şəkildə itə baxdı.
– Dayan, Lessi. Gəl dur yanımda.
Oğlan fikirli halda qapının ağzında dayanmışdı. O, üzündəki ifadəni gizlədib içəri keçdi:
– Ana, sürprizim var: Lessi qayıdıb.
O, anasının ona baxdığını, ocağın qabağında oturan atasının başını qaldırdığını, evə girəndən sonra ikisinin də nəzərlərinin onun ayaqlarına qısılmış itə yönəldiyini gördü. Onlar baxır, heç nə demirdilər.
Kolli sanki onların nə üçün susduğunu anladı, təqsirkar olduqlarını hiss edən bütün itlər kimi başını aşağı saldı. Ocağın yanında yerə salınan xalçaya yaxınlaşıb quyruğunu buladı, sanki günahının bağışlanmasını istədi.
Amma onu sanki bağışlamaq istəmirdilər, kişi gözünü ondan çəkib ocağa zillədi. Beləliklə, o, iti görməzliyə vurdu.
İt yumaq kimi yumulub xalçaya elə uzandı ki, bədəni kişinin ayağına dəydi. Kişi ayağını çəkdi.
İlk hərəkətə gələn qadın oldu. O, əllərini yanına qoyub dərindən bir ah çəkdi. Co ona baxıb ümidlə dilləndi:
– Məktəbdən çıxdım, bir də görürəm həmişəki yerində oturub məni gözləyir. Məni görəndə elə sevindi ki! Quyruğunu bulamağa başladı. Hiss etdim ki, hamımız üçün darıxıb. Fikirləşdim evə gətirim və biz…
– Yox.
Anası bərkdən qışqırıb onun sözünü kəsdi.
– Axı o, evə qayıdıb, ana! Biz onu gizlədə bilərik. Onların xəbəri də olmaz. Deyərik ki, onu görməmişik, onlar da…
– Yox! – anası təkrar etdi. Hirsli-hirsli süfrə açmağa başladı. – İtlər, itlər! Onların adı gələndə ürəyim bulanır. Evdə it istəmirəm. Biz onu satmışıq, vəssalam. Gözümün qabağından nə qədər tez rədd olsa, bir o qədər yaxşıdır. Apar onu buradan. Tələs, yoxsa bir də gördün Haynz qaçıb gəldi.
Anasından əlini üzən Co üzünü atasına tərəf çevirdi. Atası elə bil heç nə eşitmirdi; sakitcə oturmuşdu. Oğlan beynində yeni dəlillər axtarırdı. Ən yaxşı dəlili elə Lessi özü tapdı. O ayağa qalxıb kişiyə yaxınlaşdı və burnunu onun əlləri arasına soxmaq istədi. Amma kişi əlini çəkib ocağa daha da diqqətlə baxmağa başladı.
– Ata, heç olmasa, onunla salamlaş. Axı onun heç bir günahı yoxdur və evə gəldiyinə sevinir. Tumarla onu! – Co atasına dedi.
Kişi özünü elə apardı ki, elə bil heç nə eşitmədi.
– Orada, hersoqgildə, görünür, onun qayğısına qalan yoxdur. Onlar nə bilirlər iti necə yedizdirmək lazımdır. Tükünə bir bax. Gör nə günə düşüb, düz demirəm? Necə düşünürsən, içdiyi suya bir az kətan toxumu qarışdırsaq, köməyi olar? Tükü parlasın deyə mən belə edərdim. Bəs sən? – Co atasından əl çəkmirdi.
Conun atası gözünü ocaqdan çəkmədən sakitcə başı ilə təsdiqləməyə başladı. Missis Kerraklaf oğlunun nə etmək istədiyini anladı:
– Buna bir bax! Sən itlərdən baş çıxarmasan, Kerraklaf, ümumiyyətlə, yorkşirli olmazdın… Vallah, mən hərdən düşünürəm ki, qəsəbəmizin kişiləri ailələrindən çox, tulalarını düşünürlər. Elədir ki var. İndi ağır zəmanədir. Bəs onlar nə edirlər? İşləyirlər? Yox. Yardım dalınca gedirlər. Bəziləri hətta uşaqlarının ac qalmasına razı olar, təki itləri doyunca yesin.
– Yox, ana, o, doğrudan da, arıqlayıb. Mərc gəlirəm ki, onu yaxşı yedizdirmirlər.
– Hə, cənab Haynzın itin yeməyini əlindən alıb özünün yeməsinə inanaram. Ömrümdə belə arıq, belə murdarsifət adam görməmişəm.
Qadın danışa-danışa nəzərlərini Lessinin üzərində saxladı. Birdən səsi dəyişdi:
– Doğrudan da, yazıq nə gündədir. Onu nəyəsə qonaq etmək lazımdır. O dəqiqə kefi açılacaq. Belə olmasa, deməli, mən itləri tanımıram. Amma yeyən kimi aparın onu geri. O gedəndən sonra mən bir daha bu evə it gətirilməsinə icazə verməyəcəm.
Missis Kerraklaf deyinə-deyinə qazanda qaşıqaşını qızdırdı. Sonra yeməyi kasada itin qabağına qoydu və onun necə ləzzətlə yediyinə oğlu ilə bərabər tamaşa etdi.
İt yeyib qurtarandan sonra missis Kerraklaf kasanı yığışdırdı. Co rəfdən dörd qatlanmış mahud parçasını və şotkanı götürdü. Sonra xalçanın üstündə oturub itin tükünü təmizləməyə başladı.
Atası ocağa baxmağa davam etsə də, hərdən gözucu oğluna və ayaqlarına yaxın oturmuş itə baxırdı. Nəhayət, dözməyib çöndü və əlini uzatdı.
– Balaca, bunu belə etmirlər. Əgər bir işin ucundan yapışırsansa, onu yaxşı görmək lazımdır. Bax belə!
O, parçanı və şotkanı oğlundan alıb itin tüklərini təmizləməyə, daramağa başladı. Qısa bir müddət ərzində evdə sakit xoşbəxtlik hökm sürdü.
Lessinin artıq onlara məxsus olmadığı, deyəsən, birinci missis Kerraklafın yadına düşdü.
– Yaxşı, onu burdan aparmaq fikriniz var?
Conun atası acıqlı tərzdə başını çevirdi:
– İstəyirsən ki, onu ora yazıq gündə, büzüşmüş halda aparım?
– Bura bax, Sem, əgər iti bu saat aparmasan…
Qadın səsini kəsdi, hamı qulaq kəsildi. Bağçadan ayaq səsləri gəlirdi.
– İstədiyinizə çatdız. Bu, Haynzdır, – qadın dedi.
O, qapıya tərəf getdi, amma qapı özü açıldı və Haynz içəri girdi. İti gördü:
– Belə də bilirdim. Bilirdim ki, onu burada tapacam.
Conun atası ayağa qalxdı.
– Elə mən də onun tüklərini darayırdım. Darayan kimi gətirəcəydim.
– Mütləq! – Haynz güldü. – Mütləq gətirəcəydiniz! Amma belə oldu ki, mən onu özüm aparacam.
O, xaltanı cibindən çıxarıb itin boynuna keçirdi. Qayışı dartan kimi it ayağa qalxdı, quyruğunu qısıb adamın dalınca qapıya tərəf getdi. Haynz dayandı:
– Bilirsiz, mən dünyaya təzə göz açmamışam və bütün hoqqabazlıqlardan xəbərdaram. Siz yorkşirlilərin də, itlərinizin də cikinizə-bikinizə bələdəm. Onları elə öyrətmisiniz ki, qaçıb evə gəlirlər, sonra siz onları başqasına satırsız. Amma bu fırıldaq mənimlə keçməz. Mən özüm də bəzi şeylər bilirəm…
Birdən o səsini kəsdi. Çünki Sem Kerraklaf hirsindən qıpqırmızı halda qapıya tərəf yönəldi.
– Eee… sağ olun! – Haynz tələsdi.
Qapı açıldı. Haynzla kolli getdilər.
Uzun müddət evdə heç kim dinmədi. Sonra yenə missis Kerraklaf səsini ucaltdı:
– Heç dəxli var! Evə soxulur, heç icazə də almır. Sonra papağını da çıxarmadan dayanır burda. Özünü, deyəsən, hersoq hesab edir. Özü də bir tazının üstündə. Nə isə, indi o, burada yoxdur və bilmək istəyirsinizsə, ondan canımı qurtarmağıma şadam. İndi, bəlkə, evdə bir az sakitlik ola. Ümid edirəm onu bir daha görməyəcəyəm.
O elə hey danışır, Co ilə atası isə sakitcə oturub ocağa baxırdılar.

V FƏSİL
“Bir də evə gəlmə…”
Əgər missis Kerraklaf hər şeyin qaydasına düşdüyünü fikirləşirdisə, səhv edirdi. Çünki sabahısı Lessi yenə də məktəbin qabağında Conu gözləyirdi.
Co da onu yenə evə gətirdi. Yolboyu itini geri qaytarmağın yollarını düşünürdü. Qələbəyə aparan yol ona aydın idi. O hiss edirdi ki, valideynləri itin onlara nə qədər sadiq olduğunu görüb güzəştə gedəcəklər, özləri onu evdə saxlayacaqlar. Amma onu da bilirdi ki, ata-anasını yola gətirmək çətin olacaq.
O, itlə birlikdə bağça yolunu sakitcə keçib qapını açdı. Evdə hər şey həmişəki kimi idi: anası süfrə açırdı; atası fikirli-fikirli ocağın başında oturmuşdu.
– O… o, yenə evə gəldi, – Co dedi.
Anasının ilk sözlərindən sonra onun ümidləri puça çıxdı. Qadın dediyindən dönən deyildi.
– Mən onu istəmirəm! İstəmirəm! – anası qışqırdı. – Onu içəri salmağa cürət eləmə… mənə əziyyət vermə, bezdirmə! Onu elə bu saat geri aparmaq lazımdır. Yubanmadan!
Sözlər Conun sinəsindən aşıb-daşırdı. Oğlan çox nadir hallarda valideynləri ilə höcətləşirdi. Amma indi hiss etdi ki, cəhd göstərməli, onları anlamağa məcbur etməlidir.
– Ay ana, bircə dəqiqə! İmkan ver, heç olmasa, bircə dəqiqə onu burda saxlayım.
– Lazım deyil, Co. Onu burada nə qədər çox saxlasan, geri aparmaq bir o qədər çətin olacaq. Aparmaqsa lazımdır.
– Ana… ata… xahiş edirəm! Özünüz də görürsünüz ki, yazıq nə haldadır. Ona lazımi qədər yemək də vermirlər. Necə düşünürsüz, bəlkə…
Sem Kerraklaf ayağa qalxıb üzünü oğluna çevirdi. Üzündə bir ifadə olmasa da, səsində anlayış hiss olundu:
– Yox, Co, bir şey alınan deyil. Bilirsən, oğlum, bunun mənası yoxdur. Çayımızı içən kimi onu aparacağıq.
– Yox, siz onu elə bu dəqiqə aparacaqsınız! – missis Kerraklaf bağırdı. – Yoxsa bu Haynz yenə burada peyda olacaq. Mənsə onun evimə soxulmasını, özünü xozeyin kimi aparmasını istəmirəm. Papağını başına qoy, düş yola.
– Onsuz da yenidən evə qayıdacaq, ana. Məgər görmürsən? Qayıdacaq. O bizim itimizdir…
– Başa düşürsən, o, evə Cona görə qayıdır, – Sem arvadına baxıb dedi.
– Hər nədir, Sem, onu aparmaq lazımdır, – qadın astadan dedi. – Əgər Cona görə qayıdırsa, deməli, onu da özünlə aparmalısan. Qoy o səninlə getsin, iti aparıb hersoqa versin və bir daha evə qayıtmamasını tapşırsın. Əgər Co ona belə bir əmr versə, bəlkə, köpək sakitləşər və bir də qaçıb evə gəlməz.
– Hə, məntiq var, – əri də sakitcə cavab verdi. – Co, papağını götür, mənimlə gedəcəksən.
– Baba, heyvanlar bizim eşidə bilmədiyimiz nəyisə eşidə bilərlər? – Pristsilla soruşdu.
– Əlbəttə! – hersoq bağırdı. – Elə götürək iti. Adamdan beş dəfə yaxşı eşidir…
Pristsilla birdən babasının əlindəki ağacı yelləyərək qabağa atıldığını gördü:
– Kerraklaf! Mənim itimlə nə işiniz var?
Pristsilla xiyabanın dərinliklərində hündür, möhkəm bədənli bir kişi gördü. Yanında özü kimi qüvvətli bir oğlan dayanmışdı, əllərini yavaşca kollinin boynuna qoymuşdu. Qız babasının dalınca getdi.
Sem qızı görcək papağını çıxartdı, oğlunu dümsüklədi ki, o da belə etsin.
– Bu, Lessidir, – Kerraklaf dedi.
– Lessi olmağını bilirəm. Gözü olan hər bir kəs bunu görür. Ondan nə istəyirsiniz?
– O yenə qaçmışdı, mən də onu yenə geri gətirdim.
– Yenə? Məgər o bir dəfə qaçmışdı ki?
Sem başa düşdü ki, Haynz hersoqa heç nə deməyib, onu ayağa vermək istəmədi. Hersoq hirslənə və onu işdən qova bilər. İndiki zəmanədə iş tapmaq müşküldür.


– Nə isə, onu geri gətirmişəm, vəssalam.
Hersoq tərs-tərs ona baxdı, sonra daha da ucadan qışqırdı:
– Haynz! Haynz! Bu avara yenə hardadır?
– Gəlirəm, ser, gəlirəm, – tın-tın səs eşidildi. Sonra kolların arasında Haynz göründü.
– Haynz, it bundan əvvəl də qaçıbmış?
– Bilirsiniz, ser, məsələ belədir də…
– Hə, ya yox?
– Bir növ, hə, həqiqətən də, qaçmışdı… amma mən sizi narahat etmək istəmədim. Amma daha qaça bilməyəcək. Heç başa düşmürəm ki, necə qaçır… İndi ona elə göz-qulaq olacam ki…
– Hünərin var, olma! – hersoq bağırdı. – Gicbəsərin biri! Sal iti qəfəsə. Bir də qaçsa…
Hersoq sözünü bitirməyib çıxıb getdi, heç Kerraklafa təşəkkür də etmədi.
Pristsilla bunun heç yaxşı olmadığını düşündü, əvvəlcə babasının ardınca yollandı, sonra dayandı, geri çöndü, baş verənləri müşahidə etməyə başladı. Haynz əsəbindən coşmuşdu:
– Onu qəfəsə salıb ağzını bağlayacağam. Hünəri var, bir də qaçsın. Onun başına elə…
Haynz sözünü bitirə bilmədi, o, əlini atıb Lessinin boynundan tutmaq istəyirdi. Amma itə yaxınlaşa bilmədi, çünki Sem Kerraklafın dəmir nallı, ağır çəkmələri onun ayağının üstünə çıxıb tərpənməyə qoymadı. Kerraklaf sakitcə dedi:
– Mən oğlumu özümlə gətirmişəm ki, bu dəfə iti qəfəsə o salsın. İt qaçıb onun yanına gəlir. Oğlum onu qəfəsə salıb burada qalmasını əmr edəcək. – Sonra qüdrətli səsi ilə əlavə etdi: – Bıy, bağışla. Ayağının üstünə çıxdığımı heç hiss eləməmişəm. Co, oğlum, gedək. Haynz, daxmanın ağzını aç, onu içəri salaq.
Pristsilla itin daxmanın yanı ilə öz yerinə tərəf getdiyini gördü. Oğlan məftil çəpərboyu hərəkət edəndə başını qaldırıb ona yaxınlaşdı. Kolli qəfəsə sıxıldı, oğlansa barmaqlarını içəri salıb itin soyuq burnunu sığallayaraq xeyli beləcə dayandı.
Sükutu kişi pozdu:
– Co, oğlum, gedək. Vaxtdır, qurtar. Uzatmağın nə mənası var? Əmr elə qalsın… de ki, bir də evə gəlməsin, de ki, olmaz.
Pristsilla oğlanın əvvəlcə atasına, sonra sanki haradansa kömək gözləyirmiş kimi ətrafa baxdığını gördü. Sonra Co sakit səslə, sözləri güclə ağzından çıxararaq dedi:
– Lessi, burada qal və xoşbəxt ol. Bir də… evə gəlmə. Daha qaçma. Bir də dalımca məktəbə gəlmə. Burada yaşa və bizdən əl çək… çünki… çünki sən daha bizim deyilsən və biz səni görmək istəmirik… heç vaxt. Çünki sən pis itsən… və biz səni daha sevmirik, görmək də istəmirik. Həmişəlik burda qal və heç vaxt evə gəlmə!
İt elə bil hər şeyi başa düşdü, qəfəsin uzaq küncünə çəkilib uzandı. Oğlan üzünü çevirib oradan uzaqlaşdı. Ayağı nəyəsə ilişdi. Yanında gedən atası onu çiynindən tutdu:
– Ayağının altına bax!
Pristsilla qəfəsə yaxınlaşdı. Kolli qəfəsdə dayanıb oğlanın tini burulub gözdən itdiyi yerə baxırdı. İt başını qaldırıb hürdü.
Haynz qəfəsə yaxınlaşana qədər qız iti müşahidə etdi. Pristsilla kişini çağırdı:
– Haynz!
– Bəli, miss Pristsilla?
– Nə üçün it qaçıb onların evinə qayıdır? Burada ona pisdir?
– Nə danışırsınız, miss Pristsilla, burada ona çox yaxşıdır. Ayrıca damı, gəzmək yeri var! Evə isə sadəcə ona görə qaçır ki, onu belə öyrədiblər. Onlar belədirlər, iti geri gələn kimi tez başqasına satırlar.
Pristsilla fikrə getdi, burnunu qırışdırdı:
– Belədirsə, onda niyə iti geri gətirdilər?
– Başınızı belə şeylərə görə ağrıtmayın! Burada, qəsəbədə heç kimə etibar etmək olmaz. Hər addımda adamı aldada bilərlər. Amma bizə kələk gələ bilməzlər!
– Əgər oğlan itini geri istəyirdisə, onda, ümumiyyətlə, onu niyə satırdılar? İt mənim olsa idi, onu satmazdım.
– Siz, əlbəttə ki, satmazdız.
– Bəs onlar niyə satıblar?
– Niyə? Çünki babanız itə görə onlara külli miqdarda pul verib! Bax belə! Qudurdub onları!
Sonra Haynz hələ də hürən itə tərəf çevrildi:
– İndisə, kəs səsini! Rədd ol damına! Uzan!
İt ona heç fikir də vermədi. Haynz qəfəsə yaxınlaşıb iti vurmaq istəyirmiş kimi əlini qaldırdı. Lessi sakitcə çevrildi, üst dodağı yuxarı dartıldı, iri ağ dişləri parıldadı, mırıldamağa başladı.
– Hə, hirslənirsən?
Bu vaxt Pristsilla qabağa gəlib Haynzla qəfəsin arasında dayandı.
– Miss Pristsilla, ehtiyatlı olun, yerinizə olsam, yaxın durmazdım.
Haynz getdi. Qız yavaşca məftil çəpərə yaxınlaşdı. Barmaqlarını içəri saldı, Lessinin başına toxundu:
– Gəl yanıma, dostum, sənə heç nə etməyəcəm, gəl! – qız mülayim səslə dedi.
İt sakitləşdi, yerə uzandı. Onun qonur gözləri bir anlığa qızın mavi gözləri ilə toqquşdu. Sonra o, qıza heç fikir vermədən sakitcə uzanıb Sem Kerraklaf və onun oğlunu sonuncu dəfə gördüyü səmtə baxdı.

VI FƏSİL
Torf bataqlığında gizli yer
Ertəsi gün Lessi öz həyətində, günəşin altında uzanmışdı. Burnunun ucu keçən axşan Sem Kerraklaf və oğlunun gözdən itdikləri səmtə yönəlmişdi. Qulaqları şəklənmiş və qabağa əyilmişdi. Bütün hissiyyat üzvləri – görmə, eşitmə və iybilmə – diqqət kəsilmişdi. Sahiblərinin qayıtmasından xəbər verə biləcək hər şeyi duymağa hazır idi.
Amma günortanın keçməsinə baxmayaraq sakitlik idi.
Axşam düşmək üzrə idi və Lessi canlandı. Daxildən nəsə onu hərəkətə gətirir, xəbərdar edirdi. Birdən Lessi başını qaldırdı və burnunu əsən küləyə tərəf tutdu. Amma bu ona bir cavab vermədi.
O ayağa qalxdı, tələsmədən öz damına yaxınlaşdı və orada, kölgədə uzandı. Sonra durub o biri tərəfə keçdi. Daxili bir həyəcan onu inadla hərəkətə gətirmək istəyirdi. Gəzişməyə başladı. Çəpərin bir küncündə dayanıb pəncəsi ilə məftildən yapışdı.
Birdən nə istədiyini anladı. Vaxtdır! Oğlanı qarşılamaq vaxtıdır!
Lessi bərk-bərk tordan yapışdı, amma tor davam gətirdi. Yaddaşı ona xəbər verirdi ki, əvvəllər o məhz bu yolla qaçırdı. Caynaqları ilə çəpəri tərpədəcək, sonra torpağı eşəcək, toru qaldıracaq və sivişib çıxacaq. Ancaq Haynz azadlığa aparan bu yolu bağlamışdı. O, çəpəri daha qalın məftillə möhkəmlətmişdi. Lessi nə qədər əlləşsə də, bir şey çıxmırdı. Haynz hər yeri möhkəmlətmişdi.
Lessi başını qaldırıb hürdü, sonra arxa pəncələri üstə durdu, qabaq pəncələrini məftil çəpərə qoyub o biri tərəfə baxdı. Çəpərin altından keçmək olarsa, deməli, üstündən də olar!
Beləliklə, itin ağlına yeni fikir gəldi. Lessi hoppandı, amma yerə yıxıldı. Belə hündürə tullanmağa onun gücü çatmazdı. Nə qədər hoppansa da, çəpərin yuxarısına çata bilmirdi.
Nəhayət, Lessi iki çəpərin birləşdiyi küncdə yuxarı tullandı. Göydə olarkən arxa ayaqları çəpərin hər iki divarında istinad tapdı. Güc verib qalxdı, qabaq pəncələri ilə çəpərin yuxarısından yapışdı. Bir az da güc verdi və çəpəri aşdı. O azadlıqdadır!
Sinə-sinə hasara yaxınlaşdı. Daş hasarın altında, hələ neçə gün əvvəl aşkar etdiyi oyuq var idi. Oradan sivişib keçdi.

Co Kerraklaf bir daha Lessini görəcəyinə ümid etmirdi. Özü itə bir daha evə qayıtmamasını əmr etdikdən sonra bunun belə olacağına inanmışdı.
Amma qəlbinin dərinliklərində arzusunun baş tutacağına inanmasa da, bir ümidi var idi. Həmin gün məktəbdən çıxıb Lessinin onu gözlədiyini görəndə buna inanmamışdı. O, itə baxa-baxa təəccübündən yerində quruyub qalmışdı. Lessi isə pis iş görmüş kimi başını aşağı salıb quyruğunu bulayır, sanki bağışlanmasını istəyirdi.
Co Kerraklaf əlini onun tüklərinin arasına saldı:
– Düz eləmisən, Lessi.
Oğlan itə baxmırdı, düşünürdü. İti iki dəfə evlərinə gətirdiyini xatırladı. Onun bütün yalvarışlarına rəğmən iti geri apardılar. Bu dəfə o, sevinə-sevinə evə tələsməyəcək…

Haynz yumruğu ilə evin qapısına vurub dəvət gözləmədən özünü içəri saldı:
– Deyin görüm, o hardadır?
Mister və missis Kerraklaflar əvvəlcə ona, sonra bir-birinə baxdılar. Qadının gözlərindən həyəcan oxunurdu, Haynza heç fikir də vermirdi.
– Conun indiyədək evə gəlib çıxmamasının səbəbi məlum oldu, – qadın dedi.
– Həə… – əri təsdiq etdi.
– Aydın oldu: ikisi – Lessi və o – bir yerdə yoxa çıxıb. İt yenə qaçıb və Co evə gəlməyə qorxur. Bilir ki, biz iti geri aparacağıq. Biz bunu edə bilməyək deyə itlə birlikdə qaçıb. Ay Allah, mənim evimdə görən əmin-amanlıq nə vaxt olacaq? Bir dəqiqə sakitlik yoxdur!
Əri yerindən ağır-ağır qalxdı. Qapıya tərəf yönəldi. Asılqandan papağını götürdü və arvadına sarı döndü:

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/erik-nayt/lessi-68289829/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Kolli – Şotlandiya və Şimali İngiltərədə yaşayan çobaniti cinsi
Lessi Эрик Найт

Эрик Найт

Тип: электронная книга

Жанр: Классическая проза

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Lessi, электронная книга автора Эрик Найт на азербайджанском языке, в жанре классическая проза

  • Добавить отзыв