İtmiş dünya

İtmiş dünya
Artur Konan Doyl
Dünya ədəbiyyatından seçmələr
Ekspedisiya üzvlərinin Cənubi Amerikada başlarına inanılmaz hadisələr gəlir: onlar dinozavrların, məməlilərin, həmçinin insanabənzər meymunların və Daş dövrü adamlarının yaşadıqları bir ərazi – "itmiş dünya" aşkarlayırlar…

Artur Konan Doyl
İtmiş dünya

I FƏSİL
HƏR ŞEY İNSANIN ÖZÜNDƏN ASILIDIR
Nəhayət, arzuma çatdım, Qladislə otaqda tək qaldım. Yaman həyəcan keçirirdim, çünki bir azdan taleyim həll olunacaqdı.
Qladis qırmızı pərdənin qarşısında oturub başını dik tutmuşdu. İlahi, necə də qəşəng idi! Qəşəng olsa da, buz kimi soyuq idi. Qəlbinə yaxın düşmək olmurdu. Bəli, biz dost idik, əsl dost. Başqa sözlə, artıq hərəkətə yol vermirdim, özümü mərifətli aparırdım. Doğrusu, qadınların açıq-saçıq hərəkətindən, söz-söhbətindən acığım gəlir. Məhəbbətin nişanəsi başqadır. Gözlərdəki ifadə, səsin ahəngi sərt olmamalıdır. O adam ki həyəcandan əsmir, səsi titrəmir və gözləri narahatlıq ifadə etmir, demək, sevmir.
Şəhərimizin qadınları Qladisə həsəd aparırdı. Lakin arada şayiə də gəzirdi ki, guya o, xudbin və ərköyün qızdır. Təbii ki, bu, paxıl adamların dedi-qodusudur. Onlar yaxşı adamlara böhtan atmaqla ürəklərini soyutmaq istəyirlər. Qladisin qızılgül ləçəyinə bənzər zərif, incə dərisi Şərq qadınlarında olduğu kimi mis rəngə çalırdı, saçları qapqara, gözləri iri və parlaq idi, qönçə dodaqları isə qəlbində atəşli bir ehtirasın yatdığını göstərirdi. Təəssüf ki, bu alovlu ehtirasın bağlı qapısına hələlik açar tapa bilməmişəm. Gözlədiyim məqam gəlib çatmışdı, neçə vaxtdan bəri məni narahat edən suala qəti cavab almalıydım. Əlbəttə, bu cavab “yox” da ola bilər, amma qardaş rolunu qəbul edib sakit yaşamaqdansa, nakam məhəbbətin odlu nəfəsində qovrulub-yanmaq daha yaxşıdır.
Araya çökmüş cansıxıcı sükutu pozmaq istəyəndə gözlərini məndən çəkməyən Qladis cəld məni qabaqlayıb məzəmmətlə dilləndi:
– Hər şey mənə aydındır, Hed. Ancaq gəl bu barədə danışmayaq, kefimizi pozmayaq.
Stulumu ona yaxınlaşdırdım.
– Qadınları belə şeylərlə təəccübləndirmək qeyri-mümkündür, onlar bunu qabaqcadan bilirlər. Ancaq, Hed, bizim dostluğumuz çox nümunəvi, həqiqi dostluq olub, odur ki gəl onu pozmayaq, qoruyub saxlayaq. Məgər oğlanla qızın bu cür sakit oturub dostcasına söhbət etməsi pisdir?
– Bəlkə də, yaxşıdır, Qladis, bilmirəm, ancaq mən dəmiryol vağzalının müdiri ilə də bu cür oturub dostcasına söhbət edə bilərəm.
Bu dövlət işçisi haradan ağlıma gəldi, bilmirəm, amma hər ikimizin kefini açdı, bizi güldürdü. Nəhayət, sözümə davam etdim:
– Yaranmış vəziyyət məni qane etmir. Səni qucaqlamaq istəyirəm, saçlarını tumarlamaq və… ah… Qladis, istəyirəm ki…
O, təkcə sözlərlə kifayətlənməyib əməli fəaliyyətə keçdiyimi görcək ayağa durdu.
– Hər şeyi korladın, Hed, – dedi. – Münasibətlərimiz indiyə qədər yaxşıydı, indisə pozuldu. Təəssüflər olsun. Hərəkətlərinə nəzarət edə bilmirsən?
– Bu, təbiətin hökmüdür, – deyə özümə bəraət qazandırmağa çalışdım. – Nə məndən asılıdır, nə də səndən. Bu, məhəbbətdir.
– Məhəbbət qarşılıqlı olmalıdır, məndə isə belə bir hiss yoxdur.
– Sən məhəbbət üçün yaranıbsan, Qladis! Sən sevməlisən! Sənin kimi qəşəng qız məhəbbətə biganə qalmamalıdır, hökmən sevməlidir.
– Hər şeyin öz vaxtı var.
– Sən məni niyə sevmirsən, Qladis? Düzünü de, yoxsa qəşəng olmadığıma görə?
O yumşaldı, zərif barmaqları ilə saçımı darayıb başımı geri itələdi. Sonra üzümə baxıb təbəssümlə dedi:
– Yox, Hed, məsələ bunda deyil. Sənə düzünü deyəcəyəm, səbəb başqa şeydir, odur ki narahat olma, sakitləş.
– Bəlkə, xasiyyətim pisdir?
Başının hərəkəti ilə sözümü təsdiq etdi.
– Xasiyyətimi necə düzəldim? Xahiş edirəm, əyləş, söhbət edək. İnan ki, sakit duracam, artıq hərəkətə yol verməyəcəm.
Deyəsən, onu inandırmışdım. Xeyli tərəddüddən sonra keçib yerində oturdu.
– İndi de görüm, xasiyyətim niyə xoşuna gəlmir?
– Mən başqasını sevirəm. Qorxma, – sifətimin əcaib şəklə düşdüyünü görüb güldü. – O mənim xəyalımdır. Hələ ki elə adama rast gəlməmişəm.
– Mənə onun haqqında danış. Mümkünsə, zahiri görkəmini təsvir elə.
– Zahirən sənə oxşayır.
– Buna görə sənə öz minnətdarlığımı bildirirəm. Yaxşı, bəs mən nədə ona oxşamıram? Bəlkə, içki içmir, ət yemir, bəlkə, aeronavtdır, sufidir, supermendir, hər kimdir, de, Qladis, bəxtimi sınayım. Sən təki öz fikrini söylə, vəssalam, qalanı mənim boynuma…
O ürəkdən gülüb:
– Hər şeydən əvvəl, – dedi, – mənim idealım heç vaxt sənin kimi danışmaz. O olduqca güclü və qətiyyətli adamdır, ərköyün bir qızın şıltaqlığına uyub öz məsləkindən dönən deyil. Ölümün gözünə dik baxır, min bir əziyyətə qatlaşır, qəhrəmanlıq göstərir. Mən şəxsin özünü yox, qazandığı ad-sanı, şöhrəti sevmək fikrindəyəm. Riçard Bartonu yadına sal. Arvadı onun haqqında kitab yazıb. Kitabı oxuyandan sonra həmin qadına qibtə etdim. Belə kişiləri sevməyə dəyər, çünki onlar şücaət göstərəndə hamı bilir ki, onları bu şücaətə sevimli arvadları ruhlandırmışlar.
O, ehtirasla danışırdı. Ehtirasla danışanda daha cazibəli və daha yaraşıqlı görünürdü, odur ki sözünü deyib qurtarsa da, bir müddət heyranlıqla ona baxdım. Lakin tezliklə özümü yığışdırıb mübahisəni davam etdirdim.
– Hamı Barton ola bilməz, – dedim. – Bir də indi zəmanə başqadır. İmkan olsaydı, bəlkə də, bəxtimi sınayardım.
– İstəsən, imkan taparsan. Fikrimdə tutduğum adam bu imkanı özü yaradır. Bu onun öz istəyidir, odur ki çalışır, vuruşur, özünü oda-közə vurur, başqa cür yaşayammır. İnan ki, hər zaman şücaət göstərmək olar. Kişilər şücaət göstərməli, qadınlar isə bunun müqabilində onları sevməlidirlər. Mən istəyirəm ki, hamı mənə həsəd aparsın. Ərim ucalsın ki, onun hesabına mən də ucalım. Ərimin səbəbinə ucaldığıma görə hamı mənə bəxtəvər desin.
– Səni razı salmaqdan ötrü əlimdən gələni edəcəm.
– Sən bunu məni razı salmaqdan ötrü etməməlisən. Sən özün istəməlisən ki, şücaət göstərib ad-san qazanasan, ucalasan, külli-aləmə nümunə olasan.
– Sən haqlısan, min kərə haqlısan, – sövqi-təbii qışqırdım. – Sənin kimi qadınlar kişiləri hünər göstərməyə, ad-san qazanmağa ruhlandırırlar. Mənə möhlət ver! İnan, Qladis, sən mənim barəmdə hələ çox eşidəcəksən.
O, həyəcanla danışdığımı görüb güldü.
– İnanıram, – dedi, – bunun üçün lazım olan hər şey səndə var, odur ki niyə də şücaət göstərməyəsən. Şadam ki, məni düzgün başa düşübsən.
– Əgər sən dediyin adam olsam…
O, qar kimi yumşaq və incə barmaqlarını dodaqlarımın üstünə qoydu.
– Daha heç nə lazım deyil, – dedi. – Mən istədiyim adam olanda yanıma gələrsən, söhbətimizi davam etdirərik.
Mən bayıra çıxanda hava hələ tam qaralmamışdı. Dumanlı noyabr axşamı idi. Ara-sıra çiskinləyirdi. Təbiətin bu füsunkar mənzərəsi könlümü oxşamadı, çünki Qladisi düşünürdüm, düşünürdüm ki, məhəbbətini qazanmaq üçün hansı şücaətə əl atım. Nə edim? Haradan biləydim ki, qabaqda məni böyük-böyük qəhrəmanlıqlar, qeyri-adi və ağlasığmaz macəralar gözləyir.


Həmin gecə əhəmiyyətsiz əməkdaşlarından biri sayıldığım “Deyli-qazett”in redaksiyasında oturub Qladisimə layiq şücaətlər barəsində fikirləşirdim.

II FƏSİL
PROFESSOR ÇELLENCERİ GÖR!
Xəbərlər şöbəsinin redaktoru cənab Makkadl kürən kişiydi.
Mən otağa girəndə o, eynəyini qaldırıb daz başını yırğaladı:
– De görüm, nə istəyirsən?
– Ser, bəlkə, məni bir yerə göndərəsiniz?
– Hara, cənab Meloun?
– Ser, elə bir yerə ki, ora təhlükəli olsun, adamın başına cürbəcür qorxulu hadisələr gəlsin. Mən də bu hadisələrin qısa xülasəsini yazıb qəzetdə dərc etdirim. Qəzetimiz həm dünyada ad qazanar, həm də oxucularının sayı artar.
– Öz aramızdır, deyəsən, həyatından bezibsən?
– Əksinə, həyatımı mənalandırmaq istəyirəm.
– Bəlkə, Enmor-Parkda yaşayan professor Çellencerin yanına gedəsən?
Professor Çellencerin adını eşitcək canıma vicvicə düşdü.
– Çellencer! – ucadan qışqırdım. – Gərək ki, o, dünyanın ən məşhur zooloqlarından biridir. Səhv etmirəmsə, “Teleqraf” qəzetinin müxbiri Blandelin çənəsini sındırıb.
Xəbərlər şöbəsinin redaktoru gülümsündü:
– Razı deyilsən? Bayaqdan macəra axtarmırdın?
– Razıyam, ser, – tələsik cavab verdim.
– Yeri gəlmişkən deyim ki, o, müxbirlərin çənəsini sındırmaqla məşğul olmur. Yəqin, Blandel hirsli vaxtına düşüb, buna görə də başına belə zillət gəlib. Amma sən Blandel deyilsən, professorla hökmən dil tapacaqsan.
– Axı mən onun barəsində heç nə bilmirəm, – dedim. – Blandeli vurduğuna görə işi məhkəmədə idi, adını da o vaxt eşitmişəm.
– Mən professor haqqında çoxlu məlumat toplamışam. – O, siyirməni açıb içindən bir kağız çıxartdı. – Hər şey burada yazılıb. Diqqətlə qulaq as: “Çellencer Corc Edvard. Doğulub – Larqs şəhəri, 1863. Təhsili – Larqs Akademiyasını və Edinburq universitetini bitirmişdir. 1892-ci ildə Britaniya muzeyinin elmi əməkdaşı olub. Elə həmin il kəskin yazılarına görə işdən çıxarılıb. La-Platanın, Amerika Elmlər Akademiyasının və bir sıra xarici ölkələrin elmi cəmiyyətlərinin üzvüdür. Paleontologiya cəmiyyətinin keçmiş prezidentidir. Bundan başqa, tez-tez qəzetlərdə elmi məqalələri çıxır, “Vaysmanizmin başlıca səhvi” adlı bir məqaləsi isə zooloqların Vyanada keçirilmiş elmi simpoziumunda qızğın mübahisəyə səbəb oldu. Əyləncələri: alpinizm, gəzinti. Ünvanı: Enmor-Park, Kensinqton”. Buyur, kağızı götür. Daha sənə deyiləsi sözüm qalmadı.
Kağızı ondan alıb cibimə qoydum.
– Bir dəqiqə, ser, zəhmət olmasa, deyin: nə üçün ondan müsahibə götürməliyəm? Neynəyib ki?
Redaktor başını qaldırıb dedi:
– O, iki il əvvəl Cənubi Amerikaya ekspedisiya təşkil etmişdi. Keçən il oradan geri qayıdıb. Cənubi Amerikada olduğu heç kimdə şübhə doğurmur, amma məhz harada olduğunu kimsəyə söyləmir. Ya burada bir sirr var, ya da o, fırıldaqçının böyüyüdür. Evində bir neçə fotoşəkil saxlayır, guya orada çəkmişdir, amma şəkillər, deyilənə görə, saxtadır. Zənnimcə, o, elmə aludə olmuş ruhi xəstədir. Səni maraqlandıran suallara cavab verdim, cənab Meloun. Get işinlə məşğul ol, görək nə çıxır.
Mən həmişəki kimi “Vəhşi” klubuna yollandım. Açıq havada xeyli fikirləşəndən sonra, nəhayət, kluba daxil oldum. Cılız bədənli ucaboy bir kişi buxarının böyründəki kürsüdə əyləşmişdi. “Təbiət” məcmuəsinin əməkdaşı Tarp Henri idi. Bu mənim üçün göydəndüşmə oldu. Stulumu ona yaxınlaşdıranda mənə tərəf çevrildi. Girişsiz-filansız, birbaşa mətləbə keçdim.
– Professor Çellencer barədə nə bilirsiniz?
– Çellencer? – qaşqabaqlı halda dedi. – O, Cənubi Amerikadan qayıdandan sonra sərsəm fikirlər söyləyir, olmazın əhvalatlar danışır.
– O nə əhvalatdır belə?
– Eh, boş söhbətdir. Guya qeyri-adi heyvanlar görüb. “Röyter”ə müsahibə verdiyi zaman elə mərəkə qopartdı ki, ömrümdə belə şey görməmişdim.
– Çellencer barəsində daha nə bilirsən?
– Ağıllı, güclü və çalışqan adam olmasına baxmayaraq yaman davakar və yalançıdır. Sözlərini sübuta yetirməkdən ötrü hər cür yollara əl atır.
– Nəyə əsasən ona davakar deyirsiniz?
– Uzağa getməyək, elə sonuncu hadisəni götürək, Vaysman və təkamül məsələsi ilə bağlı hadisəni. O bunun üstündə Vyanada böyük qalmaqal saldı.
– Nə üçün?
– İndi deyə bilmərəm, ancaq həmin iclasın sənədini redaksiyada saxlayırıq. Mən indi ora gedirəm, əgər sənədlə maraqlanırsınızsa, gəlin birlikdə gedək.
Yarımca saatdan sonra onun redaksiyasında oturub qalın cildli kitabı vərəqləyirdim. Axır ki, “Vaysman Darvinə qarşı” başlıqlı yazını tapdım. Elmi təhsilim qənaətbəxş olmadığından mübahisənin məğzini tutmadım, amma bir şey aydın idi ki, ingiltərəli professor həmkarlarını lap zara gətirmişdi. Xeyirxahıma müraciətlə dedim:
– Ona məktub yazmaq istəyirəm. İcazə versəydiniz, məktuba sizin redaksiyanızın ünvanını yazardım.
– Siz yazın, o da gəlib burada salamat yer qoymasın, hər şeyi sındırıb dağıtsın.
– Narahat olmayın, elə bir şey yazmayacam. Məktubu göndərməzdən qabaq sizə göstərəcəm.
– Onda yazın. Danışdığımız kimi, məktubu əvvəl mənə göstərin.
Məktuba xeyli vaxt sərf etdim. Deyəsən, pis alınmamışdı. Məzmunu belə idi:

“Möhtərəm professor Çellencer, adi tələbə olsam da, Darvinlə Vaysman arasındakı fərqə dair qaldırdığınız mərəkə məndə hədsiz maraq doğurub. Sizin Vyanada etdiyiniz dərin məzmunlu məruzəni bu yaxınlarda bir daha oxuyub ağlınıza, məhsuldar və yaradıcı zəkanıza heyran qaldım. Orada belə bir cümlə var: “hər bir fərdin ayrılıqda nəsildən-nəslə keçib təkmilləşmiş tarixi quruluşlu mikrokosm olması fikirlərinə qəti surətdə öz etirazımı bildirirəm”. Axır zamanlar apardığınız tədqiqatdan çıxış edərək irəli sürdüyünüz müddəanı aydınlaşdıra bilərsinizmi? İrəli sürdüyünüz fikirlə əlaqədar məndə xüsusi rəy yaranmışdır və əgər maraqlansaydınız, görüşüb sizi həmin rəylə tanış edərdim. İcazənizlə, görüşü birisi gün səhər saat on birə təyin edərdim.
    Sadiq pərəstişkarınız
    Edvard D. Meloun”.
– Necədir? – deyə şadyana xəbər aldım.
– Əgər məsləhət bilirsinizsə…
– Bəli, belə məsləhət bilirəm.
– Fikriniz nədir?
– Əsas məsələ evə girməkdir. Evə girəndən sonra hər şey qaydasına düşəcək. Bəlkə də, kələyimin üstünü özüm açdım. Əgər alicənab adamdırsa, ya bunu zarafata salacaq, ya da, sadəcə olaraq, güləcək.
– Amma heç gülən oğlanlara oxşamır. Qorxuram, payınız başqa şey olsun… Odur ki məktubunuza cavab verməsəydi, daha yaxşı olardı.

III FƏSİL
BELƏ DƏ ADAM OLAR?
Dostumun gümanı düz çıxmadı. Çərşənbə günü onun yanına gələndə stolun üstündə məktub gördüm. Məktubun üstünə səliqəsiz xətlə mənim adım yazılmışdı. Məzmunu aşağıdakı kimi idi:

“Ser, məktubunuzu aldım. İrəli sürdüyüm fikrə şərik çıxdığınızı yazırsınız, halbuki yürütdüyüm mühakimənin doğruluğu nə sizdən, nə də bir başqasından asılıdır. Sizin hələ cəsarətiniz də çatır ki, darvinizmlə əlaqədar qaldırdığım məsələyə təhqiramiz don geyindirib onu “mərəkə” adlandırırsınız. Məktubu oxuyub qurtarandan sonra məlum oldu ki, siz bunu bilərəkdən etməyibsiniz. Buna səbəb sizin avamlığınız və kütbeyinliyinizdir, ona görə də günahınızdan keçdim. Siz məruzəmdən sitat gətirib həmin sitatı başa düşməkdə çətinlik çəkdiyinizi qeyd edirsiniz. Mənə belə gəlir ki, elə aydın cümləni ancaq insan nəslindən olmayan məxluq başa düşməz, bununla belə, təklifinizi qəbul edirəm. Qonaqpərvər olmasam da, təyin etdiyiniz vaxtda sizinlə görüşməyə razıyam. Gələndə məktubu Ostinə göstərməyi unutmayın, çünki o məni müxbir adlanan fırıldaqçı yaramazlardan qoruyur.
    Hörmətlə,
    Corc Edvard Çellencer”.
Məktubu alıb oxuyanda saat on birin yarısı idi. Tələsik taksi tutub saat on bir olmamış oraya çatdım. Əyninə qara jaket geymiş qarabuğdayı kişi qapını üzümə açdı. O, açıq-mavi gözlərini mənə zilləyib dedi:
– Sizi gözləyirlər?
– Bəli. Mənə görüş təyin ediblər, – dedim.
– Zəhmət olmasa, məktubu göstərin.
Bir az əvvəl aldığım məktubu ona verdim.
Onun arxasınca düşüb uzun dəhlizlə irəliləyərkən qonaq otağının qapısı qəflətən açıldı və alçaqboylu bir qadın mənə yaxınlaşdı:
– Mümkünsə deyin, ser, siz qabaqlar ərimlə görüşübsünüz?
– Xeyr, xanım, görüşməmişəm.
– Onda bəri başdan sizdən üzr istəyirəm, çünki ərimin çox pis xasiyyəti var. Tamamilə dözülməz adamdır. İndidən bunu deyirəm ki, işinizi tədbirli tutasınız.
– Təşəkkür edirəm, xanım.
– Savaşmaq istəsə, cəld otaqdan çıxın. Nəbadə mübahisə edəsiniz. Bəzi adamlar sözümə əhəmiyyət vermədikləri üçün zərər çəkiblər. Söhbəti çox uzatmayın. Bir təhlükə baş versə, zəng çalın və mən gələnədək ona yaxın durmayın.
Bundan sonra yenidən Ostini dabanbasaraq izləyib dəhlizin qurtaracağınadək getdim. Qapını döydük. İçəridə öküz səsinə oxşar donqultu eşidəndə otağa girdim.
O, üstü kitab və dəftərlərlə, xəritə və cədvəllərlə dolu olan nəhəng masanın arxasında, fırlanan kürsüdə oturmuşdu. Zahiri görkəmi elə idi ki, istər-istəməz udqundum. Həm zəhmli idi, həm də nəhəng və yekəpər. Bu cür qüvvətli şəxsiyyətlə tək qalanda adamın qəlbi uçunur. Başı hədsiz dərəcədə yekə idi. Papağını başıma qoysaydım, inanın ki, çiynimə düşərdi. Sifəti və saqqalı Assuriya öküzünü xatırladırdı. Qalın qaşların altından boylanan bir cüt boz göz qəzəblə parlayır, adamın canına vəlvələ salırdı. Camaat arasında pis ad qazanmış professor Çellencerin məndə yaratdığı ilk təəssürat belə oldu.
– Görüşməyə razı olduğunuz üçün təşəkkür edirəm, – məktubu göstərəndən sonra titrək səslə dedim.
– Demək, aydın ingilis dilini başa düşməyən tələbə sizsiniz? Səhv etmirəmsə, irəli sürdüyüm fikrə şərik çıxırsınız?
– Bəli, ser, irəli sürdüyünüz fikrə tamamilə şərikəm, – ehtirasla dedim.
− Məktubunuzdan belə başa düşdüm ki, siz mənim fikrimə nəsə əlavə etmək istəyirsiniz.
Yaranmış vəziyyət qənaətbəxş olmadığından müvəqqəti olaraq özümü adi tələbə kimi aparmaq qərarına gəldim. Professor Çellencer zəhmli gözlərini üzümə dikib ucadan dedi:
– Hə, noldu?
– Mən adi tələbəyəm, – deyə naəlac gülümsündüm. – Əlimdən ancaq soruşub öyrənmək gəlir. Mənim fikrim belədir ki, siz Vaysmana qarşı çox sərt mövqe tutubsunuz. O vaxtdan bəri az müddət keçməmişdir. Bu müddət ərzində alimlərin ortaya çıxartdığı bəzi dəlillər onun təliminin doğruluğunu sübut etmirmi?
– Məsələn, hansı dəlil sübut edir? – deyə o, qorxunc səslə soruşdu.
– Əlbəttə, elə bir ayrıca dəlil yoxdur, amma müasir elmi fikrin inkişaf istiqamətini yada salmaq kifayətdir.
O irəli əyildi.
– Zənnimcə, – dedi, – kəllə əmsalının amil olması sizə məlumdur[1 - Anlayışları qəsdən təhrif edən prof. Çellencer bununla müsahibinin yalanını tutmaq istəyirdi.].
– Bəli, – dedim.
– Bu teleqoniyanın hələlik elm aləmində mübahisə doğurduğu da.
– Şübhəsiz.
– Rüşeymli protoplazmanın isə partenogenetik yumurtadan fərqləndiyini də bilməlisiniz.
– Əlbəttə, – deyə qışqırdım.
Doğrusu, bu dərəcədə həyasız olduğumu indiyədək bilmirdim.
– Bəs bu nəyi sübut edir? – o, mehribanlıqla yavaşcadan soruşdu.
– Hə, nəyi sübut edir? – deyə burnumun altında mızıldandım.
– Bu onu sübut edir ki, – qəflətən səsini dəyişib qəzəblə qışqırdı, – sən savadsız, kütbeyin müxbirsən! Murdar adamsan!
O, əllərini stolun kənarına dayayıb irəli uzandı və qışqırdı:
– Cəfəngiyyat! Səncə, biz bayaqdan elmi mübahisə edirdik? Yox, əzizim, cəfəngiyyat danışırdıq, boşboğazlıq edirdik. Yoxsa yerfındığı boyda beyninlə mənə kələk gəlmək istəyirsən? Gözlərini aç, yaxşı-yaxşı bax! Müştəbeh! Görürəm, sənə pis dərs keçməyiblər, təlimatçın peşəkar adamdır. Allaha and olsun ki, səni bir də burda görsəm, dərinə saman təpəcəyəm. Hər şeyi boynuna al, mənim əziz cənab Melounum.
– Qulaq asın, ser, – otağın qapısını açandan sonra dedim. – Bütün təhqirlərinizə dözdüm, dinmədim. Amma hər şeyin həddi-hüdudu var. Yoxsa mənimlə yumruq davasına çıxmaq istəyirsiniz?
– Sən hələ buna inanmırsan? Sənə oxşamışların bəzilərini peysərindən tutub bayıra atmışam. Sən də olarsan ya dördüncü, ya da beşinci. Hə, ser, nə deyirsən, həmkarlarının yanına getmək istəyirsən?
O hədələyici tərzdə yeriyərək mənə yaxınlaşmağa başladı.
Mən bayıra çıxıb qapını onun üzünə bağlaya bilərdim, amma bunu şəxsiyyətimə sığışdırmadım.
– Sarsaqlamayın, ser, – dedim, – yoxsa özümə cavabdeh deyiləm.
– Mənim əzizim! – istehza ilə dedi. – Özünə cavabdeh deyilsən?
– Axmaq olmayın, professor! – deyə qışqırdım. Özünüzə də çox güvənməyin.
O, qəflətən üstümə atıldı. Yaxşı ki, qapını açıq qoymuşdum, çünki əlbəyaxa olub onunla süpürləşəndə heç bir maneəyə rast gəlmədən otaqdan çıxdıq və dəhlizboyu dığırlanmağa başladıq. Ostin ehtiyatlı tərpənib dəhlizin qapısını açmışdı, ona görə də pilləkənlərlə kəlləmayallaq aşa-aşa həyətdəki arxa düşdük. O ayağa qalxıb yumruqlarını havada yellədi. Bərk tövşüyürdü. Gözlərindəki məna dəyişmişdi. İndi gözləri nisbətən mehribanlıqla baxırdı.
– İçəri keç, – dedi, – səninlə hələ qurtarmamışam.
Təhdidlə danışsa da, qorxmadım, arxasınca getdim. Biz içəri keçəndə Ostin qapını bağladı.



IV FƏSİL
ÖMRÜMDƏ BELƏ ŞEY EŞİTMƏMİŞƏM
İçəri təzəcə girmişdik ki, missis Çellencer yemək otağından çıxdı. İti addımlarla yeriyib professorun yolunu kəsdi. Yaman qəzəblənmişdi. Xeyli arxada gəldiyimdən məni görmədi. Çıxıb getdiyimi zənn etdiyi üçün ərinin üstünə qışqırdı:
– Sən vəhşisən, Corc! De görüm, o nəcib gəncə nə elədin?
Professor arxaya işarə edib:
– Budur, – dedi, – şad-xürrəm arxamca gəlir.
Qadının yanaqları qızardı.
– Bağışlayın, – dedi, – sizi görmədim.
– Narahat olmayın, xanım, hər şey qaydasındadır.
– Gör bir o səni nə kökə salıb?! Corc, sən çox yaramaz adamsan. Davasız ötüşmürsən. Hamı sənə nifrət edir. Daha səbrim tükənib. Bəsdir!
– Siz həqiqətən də çox dözülməz adamsınız, – dedim.
O şaqqanaq çəkib ucadan güldü.
– Deyəsən, qabaqcadan görüşüb məsləhətləşibsiniz, – dedi.
Sonra qəflətən susaraq gah mənə, gah da arvadına baxdı:
– Yersiz zarafatım üçün məni bağışlayın, cənab Meloun. Sizinlə çox ciddi işim var. Sən isə, hörmətli həyat yoldaşım, çıx get və narahat olma, – deyib əllərini arvadının çiyninə qoydu. – Hər şey yaxşı olacaq. Qorxmaq lazım deyil.
Sonra mənə tərəf çevrilib:
– Hə, cənab Meloun, – dedi, – xahiş edirəm, dalımca gəl.
Biz on dəqiqə bundan əvvəl xoruz kimi döş-döşə gəlib savaşdığımız otağa girdik. Professor qapını arxamızca bağlayandan sonra yumşaq kürsüdə yer göstərib mərmər siqar qutusunu mənim tərəfimə çəkdi.
– Zəhmət olmasa, siqar götürün, – dedi, – əsəbləriniz sakitləşəcək… İndisə rahat oturub diqqətlə mənə qulaq asın. Sualınız olsa, yadınızda saxlayın, hər şeyi danışıb qurtarandan sonra sualınızı verərsiniz. Əvvəlcə sizi buradan qovub təzədən evə dəvət etdiyimin səbəbini deyim. Səbəbi odur ki, siz həmkarlarınızdan fərqlənirsiniz, mehriban və xeyirxah adamsınız, həqiqətpərəstsiniz. Fikirləşdim ki, bir-birimizlə daha yaxından tanış olaq.
Sonra stolun üstündəki kağızların, kitabların və cədvəllərin arasında eşələndi. Nəhayət, əzilib yöndəmsiz şəklə düşmüş, vərəqlərinin kənarı yeyilmiş bir rəsm dəftərini mənə göstərib dedi:
– Sizə Cənubi Amerika haqda danışacam. Sözümü axıra çatdırana qədər səbirlə dözün. Heç nə soruşmayın. Onu da deyim ki, burada eşitdiklərinizi qəzetə verməyəcəksiniz. Bunu sizə qadağan edirəm. Aydındır?
– Aydındır, söz verirəm.
– Çünki haqqında danışacağım məsələ hələlik tam öyrənilməyib. Zənnimcə, iki il əvvəl Cənubi Amerikaya getdiyimi artıq bilirsiniz. Uolleslə Beytsin nəzəri müddəalarının doğruluğunu yoxlamaq üçün onlar kimi Cənubi Amerikaya gedib orada xüsusi təcrübə aparmalıydım. İş elə gətirdi ki, tədqiqat obyektim birdən-birə dəyişdi. Heç kimin görmədiyi, tanımadığı xırda çayların töküldüyü Amazon çayının hövzəsi və ona bitişik sahələr hələ ki tam öyrənilməyib. Odur ki yazdığım kitabın bir neçə fəslini oradakı heyvanlar aləminə həsr etmək istədim. Uzun müddət orada qalaraq mənə lazımlı şeyləri öyrənib geri qayıtdım. Geri qayıdarkən bir hindi kəndində gecələdim. Çayboyu yuxarı qalxarkən Kyukama tayfasından olan həmin hindilərdən bəzisini müalicə etmişdim, odur ki qayıdanbaş intizarla yolumu gözlədiklərini biləndə təəccüblənmədim. İşarələrindən belə başa düşdüm ki, xəstələri var. Qəbilə başçısının arxasına düşüb bir komaya girdim. Lakin artıq gec idi, xəstə keçinmişdi. Ən təəccüblüsü budur ki, o, hindi deyildi, ağdərili idi. Əynindəki paltar cırılıb əsgiyə dönmüşdü. Hiss olunurdu ki, başına çoxlu müsibətlər gəlib, hədsiz məşəqqətlərə sinə gərib. Məlum oldu ki, yerlilər onu tanımırlar.
Bu adamın yol kisəsi taxtın böyründə, yerdə idi. Mən kisəni açıb içinə baxdım. Kisənin iç tərəfinə, boğaza yaxın hissəsinə aşağıdakı sözlər yazılmışdı: “Mepl Uayt, Leyk-avenyu meydanı, Detroyt, Miçiqan”.
Kisənin içindəkilərdən məlum oldu ki, o, səyyar rəssam imiş. Mərhumun kisəsində rəng qutusu, bir neçə fırça, mürəkkəbqabının üstündə gördüyün əyri sümük, rəngli təbaşirlər, çayın ümumi mənzərəsi çəkilmiş rəsmlər, revolver, bir neçə güllə və Baksterin “Güvələr və kəpənəklər” adlı kitabı var idi.
Çevrilib getmək istəyirdim ki, amerikalının cibindəki bir şey diqqətimi cəlb etdi. Bu, əzilib yöndəmsiz hala düşmüş, qırışmış rəsm dəftəri idi. Bax, budur… O vaxtdan bəri dəftəri göz bəbəyi kimi qoruyuram. Buyurun, baxın, içində nə olduğunu öz gözlərinizlə görün.
Mən dəftəri çox möcüzəli bir şey görmək ümidi ilə açdım, lakin ümidim doğrulmadı, ilk səhifəyə kök kişi şəkli çəkilmişdi. Şəklin altında “Cimmi Kolver poçt gəmisində” sözləri yazılmışdı. Sonrakı şəkillər heyvanlar aləminə aid idi; məsələn, “Lamantin suyun içində”, “Tısbağalar və onların yumurtaları”, “Qara aquti palma ağacının altında” adlı şəkilləri yada salmaq kifayətdir. Nəhayət, xarici görkəmləri ilə adamda ikrah oyadan sürünənlərin şəkillərini gördüm. Bir şey başa düşməyib dedim:
– Bəyəm bunlar timsah deyil?
– Yox! Alliqatorlardır! Cənubi Amerikada timsahlar yaşamır.
– Siz məni başa düşmədiniz. Dediyim budur ki, burada heç bir qeyri-adilik görmürəm.
O sakitcə güldü.
– Digər səhifəni aç, – dedi.
Növbəti səhifəni açdım. Həmin səhifəyə rəngli boyalarla təbiət mənzərəsi çəkilmişdi. Şəkildə al-qırmızı silsilə qayalar və enli, uzun yarpaqlı kola bənzər ağaclar təsvir olunmuşdu. Başında nəhəng ağac bitmiş sıldırım qayanı yerdə qalan qayalar silsiləsindən dərin uçurum ayırırdı. Sonrakı səhifədə həmin mənzərə sulu boyalarla və daha yaxından çəkildiyinə görə bəzi xırdalıqları görmək mümkün idi.
– Qəribə qayalıqdır, – dedim.
– Qəribə nədir, möcüzədir! – deyərək ucadan qışqırdı. – Ağlasığmazdır! O biri səhifəni aç.
O biri səhifəni açanda özümdən asılı olmadan qışqırdım. Ömrümdə bu qədər dəhşətli, bu qədər heybətli heyvan görməmişdim. Bədəni elə bil şişmiş kərtənkələ bədəni idi, xırda iynələrlə örtülmüş nəhəng quyruğu arxasınca sürünürdü. Başı xoruz başına oxşayırdı, boynu isə hind quşunun hülqumuna bənzər çıxıntılarla örtülmüşdü. Bu heyvanın qənşərində durub ona baxan adam olduqca kiçik görünürdü.
– Bu barədə nə deyə bilərsiniz? – professor əllərini bir-birinə sürtərək məndən soruşdu.
– Görünür, şəkil təxəyyülün məhsuludur.
– Bəs bu şəkli çəkməkdə o nə məqsəd güdüb?
– Sadəcə olaraq müştəriləri maraqlandırmaq istəyib.
– Başqa izahınız yoxdur?
– Xeyr, ser. Bəs siz bunu nə cür izah edirsiniz?
– Bir şey aydındır ki, həmin heyvan həqiqətən yaşayır. Onu naturadan çəkiblər.
Bir az qabaq savaşdığımızı, yumruq davasına çıxdığımızı lap vaxtında xatırladım, yoxsa şaqqanaq çəkib ucadan güləcəkdim.
– Elədir, elədir, – deyə başalladan sözlərin köməyindən istifadə etdim, – siz haqlısınız. Təkcə kiçicik insan şəkli məni çaşdırır. Hindi olsaydı, deyərdik ki, liliputlar tayfasının bir nümayəndəsidir. Di gəl ki başındakı silindrdən məlum olur ki, avropalıdır.
Professor hirslənib öküz kimi fısıldadı.
– Həddini aşma, – dedi, – yoxsa mənə inanmırsan? Kəmsavad!
Mən onun sözlərinə məhəl qoymadım. Acı-acı gülüb dedim:
– Nə bilim, dedim, bəlkə, liliputdur.
– Bura bax! – deyə qışqırıb irəli əyildi və baş barmağını şəklə vurdu. – Yırtıcının arxasındakı ağacları görürsən? Bu, 50-60 futa qədər ucalan palma ağacıdır. İndi bildin rəssam həmin adamı niyə çəkib? Amerikalı rəssam heyvanın iriliyini, nəhəng boyunu göstərməkdən ötrü öz şəklini çəkib, çəkib ki, baxan adam onunla həmin yırtıcını müqayisə etsin.
– İlahi! – deyə qışqırdım. – Demək, yırtıcı… Heç Çerinq-kross vağzalına yerləşməz.
– Bəli, elədir, – professor özündənrazı halda dedi.
Axı, – dedim, – bir rəsm əsərinə görə insanlığın bu günədək qazandığı təcrübəni lazımsız əşya təki kənara tullamaq düzgün deyil. Bəlkə də, maraq xətrinə çəkib bu şəkli? Zənnimcə, sizin kimi istedadlı alim bu cür xırda məsələyə aldanıb həqiqi yoldan dönməyəcəkdir.
Professor dinməz-söyləməz bir kitab götürüb dedi:
– Bu kitab dostum Rey Lenkesterin yazdığı monoqrafiyadır. Orada bir şəkil var. Bu şəkil səndə böyük maraq doğuracaq… Hə, tapdım… budur o! Öncə diqqətlə qulaq as: “Yura dövründə yaşamış dinozavr-tseqozavrın təxmini zahiri görünüşü. Təkcə arxa ayaqları normal insandan iki dəfə hündürdür”. Bəs bu barədə nə deyə bilərsiniz?
O, kitabı bağlamayıb mənə uzatdı. Orada çəkilmiş heyvan rəsminə baxanda diksindim. Qədim dövrdə yaşamış heyvanla naməlum rəssamın çəkdiyi şəkil arasında tam uyğunluq hökm sürürdü.
– Əlbəttə, bu çox təəccüblü və maraqlıdır, – dedim.
– Yaxşı, – professor dedi. – İndisə, xahiş edirəm, bu sümüyə baxasan.
O, mərhum rəssamın kisəsindən götürdüyü sümüyü irəli uzatdı. Sümüyün uzunluğu altı düym olardı, qalınlığı baş barmağımdan qalın idi. Bəzi yerlərində qığırdaq qalıqları vardı.
– Sizcə, bu sümük hansı heyvana məxsusdur? – deyə məndən soruşdu.
– Yəqin, insanın körpücük sümüyüdür, – dedim.
Müsahibim etiraz bildirən tərzdə əlini yellədi.
– İnsanın körpücük sümüyü əyridir, bu isə, əksinə, nisbətən düzdür. Sümükdə xüsusi çuxur vardır ki, həmin çuxura nəhəng, iri vətər söykənir. Körpücük sümüyündə isə belə şey olmur.
– Demək, bilmirəm.
– Savadsızlığına görə xəcalət çəkmə, çünki bunun nə olduğunu heç Kensinqtonun mötəbər şəxsləri də bilməzdilər. – O, dərman qutusunun içindən lobya boyda bir sümük çıxartdı. – Bu insan sümüyü ilə əlindəki sümük eyni funksiya daşıyır. İndi təsəvvür et ki, həmin heyvan nə boydadır. Qığırdaq qalıqlarına əsasən belə mühakimə yürütmək olar ki, sümük qədim dövrə deyil, müasir dövrə məxsusdur. Bu, elmə məlum olmayan heyvanın sümüyüdür. Yer üzündə onun kimi yırtıcı, onun kimi nəhəng və qüvvəli heyvan olmayıb, elə indi də yoxdur. Yoxsa mənə inanmırsan?
– İnanmasam da, məni maraqlandırdı.
– Onda vəziyyətin o qədər də ümidsiz deyil, hiss edirəm ki, qəlbinin dərinliyində bir şübhə var, sənə rahatlıq vermir. Çalışacağam ki, bu şübhəni tutarlı dəlillərin köməyi ilə yox edim. Hər şeydən əvvəl onu deyim ki, məqsədim həmin məsələni ətraflı və ciddi şəkildə öyrənmək idi. Mərhumun hansı tərəfdən gəldiyini bilirdim, ona görə də məqsədimi həyata keçirməyə çətinlik çəkməyəcəkdim. Qədim hindi rəvayətlərində deyilir ki, həmin tərəfdə heybətli bir varlıq yaşayır. Sən heç Kurupuri haqqında eşidibsən?
– Xeyr.
– Kurupuri zalım və əzazil meşə ruhudur. Onu görən olmasa da, adı gələndə Amazon çayının ətrafında yaşayanlar qorxudan zağ-zağ əsirdilər. Hindilər Kurupurinin harada yaşadığını bilirdilər, o yeri əlləri ilə göstərirdilər. Amerikalı rəssam da o tərəfdən gəlmişdi. Orada nəsə dəhşətli, qorxunc bir varlıq var. Mən həmin varlığın nə olduğunu öyrənmək qərarına gəldim.
– Öyrəndiniz?
Bu yöndəmsiz və yekəpər kişi adamda maraq oyadırdı. Diqqətlə ona qulaq asıb bu qəribə torpaq haqqında müəyyən məlumat əldə etməyə çalışırdım.
– Özümlə iki nəfər hindi götürdüm. Onlar əvvəlcə getmək istəmirdilər, Kurupuridən qorxurdular. Xeyli dil töküb müxtəlif bəxşişlər verəndən sonra, nəhayət, razılaşdılar və biz rəssamın gəldiyi tərəfə getdik. Uzun yol qət edib amerikalı rəssamdan savayı heç kəsin ayağı dəymədiyi yerə çatdıq. Mümkünsə, bu şəklə baxın.
O mənə bir şəkil verdi.
– Qayığımız qayıdanbaş burulğana düşdüyündən çevrildi, ona görə də çox şey, o cümlədən plyonkaların əksəriyyəti itib-batdı, qalanlarsa keyfiyyətini itirdi. Əlbəttə, şəkillərin saxta olduğu haqda şayiələr yayılıb, amma belə boş, mənasız şeylərə fikir verməyə dəyməz.
Şəkil olduqca solğun idi. Diqqətlə şəklə baxanda təbiət mənzərəsi gördüm.
– Səhv etmirəmsə, bu, amerikalı rəssamın çəkdiyi təbiət mənzərəsidir, – dedim.
– Çox gözəl. Deyəsən, tədricən irəli gedirik. İndisə, xahiş edirəm, tənha qayanın zirvəsinə baxın. Siz orada nə görürsünüz?
– Qollu-budaqlı nəhəng ağac görürəm.
– Bəs ağacın başında nə görürsünüz?
– Ağacın başına nəhəng bir quş qonub. Olduqca iri, böyük dimdiyi var. Özü də, deyəsən, qutan quşudur.
– Səhv edirsiniz. Bu, qutan deyil. Atəş açıb onu öldürdüm ki, əlimdə dəlil-sübut olsun.
– Gəlin o dəlil-sübuta baxaq.
– Qayıq burulğana düşüb çevriləndə plyonkalar kimi o da axıb getdi, əlimdə təkcə qanadının bir hissəsi qaldı. Böyük əziyyətlə üzüb sahilə çıxsam da, həmin hissəni əlimdən buraxmadım. Buyurun, baxın.
O, siyirməni açıb içindən olduqca böyük yarasanın, daha doğrusu, qanadının yuxarı hissəsini xatırladan şeyi çıxartdı.
Uzunluğu iki fut olardı.
– Nə böyük yarasadır! – təəccüblə dedim.
– Bu, yarasa deyil, – professor acıqlı tərzdə dedi. – Siz müqayisəli anatomiyanın ən elementar məsələlərini bilmirsiniz?
– Bilmirəm, – dedim.
O artıq mənə tanış gələn kitabı yenidən açıb göydə uçan qeyri-adi varlığın şəklini göstərdi və dedi:
– Buyur, bax, Yura dövrünün uçan-sürünən pterodaktilinin şəklidir. Digər səhifədə onun qanadının quruluşu göstərilib. Həmin şəkillə əlinizdəki nümunəni müqayisə edin.
Şəklə baxanda heyrətdən donub-qaldım, şəkillər bir-birinə oxşayırdı. Mən tədricən professor Çellencerin sözlərinə inanmağa başladım. Başqa cür ola bilməzdi, çünki istənilən qədər dəlil-sübut var idi. Dedim ki, onu çox nahaq yerə gözümçıxdıya salıblar. Professor arxaya söykənərkən gözlərini yumdu. Sifətinə təbəssüm qondu, xoşhallandı. Görünür, sözlərim onun xoşuna gəlmişdi.
– Heç adamın ağlına sığmır, – dedim. – Möcüzədir! Siz yeni bir dünya tapmış elm fədaisi, müasir dövrün Kolumbusunuz. Əvvəl sözlərinizə şübhə ilə yanaşırdım, sonra fikrim dəyişdi, məni inandırdınız.
Professor xoşhallanmış tərzdə başını yırğaladı.
– Sonra nə etdiniz, ser? – deyə soruşdum.
– Yağışlar başlamışdı, cənab Meloun, ərzaq ehtiyatım da tükənmək üzrə idi, odur ki tələm-tələsik qayaların ətrafını gəzib yoxladım, amma yuxarı qalxmağa yol tapmadım. Şəklini çəkdiyim tənha qayaya çıxmaq olardı, çıxdım da, lakin axıradək yox, yarıyadək. Oradan görünən yastana olduqca geniş idi, ucu-bucağı görsənmirdi, xarici aləmdən bir növ təcrid olmuşdu.


– Yastanaya baxarkən orada elə bir canlı varlıq görmədiniz?
– Xeyr, ser, görmədim, amma çadır qurub bir həftə qaldığımız müddət ərzində yuxarıdan gələn qəribə səslər və cürbəcür qışqırıqlar eşitdik. Mən indiyəcən o cür səslər eşitməmişdim.
– Amerikalının çəkdiyi o qorxunc şəkil haqda fikriniz nədir?
– Yəqin, amerikalı yol taparaq qayanın başına çıxa bilmişdir. Şəkli çəkilmiş heyvanı da məhz orada görüb.
– Necə olub ki, heyvanlar salamat qalıb, ölməyib?
– Bildiyiniz kimi, Cənubi Amerikada tez-tez dəhşətli zəlzələlər baş verir, vulkanlar püskürür. Onun nəticəsidir ki, Sasseks boyda ərazi öz florası və faunası ilə birlikdə yuxarı qalxmış və bütünlüklə xarici aləmdən ayrılmışdır. Nəticədə Yura dövrünə mənsub olan pterodaktil və steqozavr kimi heyvanlar ölməmiş, salamat qalmışdır.
– Sizin əlinizdə sanballı dəlillər var, niyə onları elm sahəsində nüfuz qazanmış, adlı-sanlı alimlərə göstərmirsiniz?
Professor acı-acı güldü.
– Əvvəl mən də belə fikirləşirdim, xoşbəxtlikdən səhvimi tez başa düşdüm. Axmaqların və paxılların güdazına getdim, heç kəs mənə inanmadı. Əsl sınaqlar isə hələ qabaqdadır, ona görə də özümü ələ almalıyam. Xüsusilə də bu axşam. Səni də həmin məclisə dəvət edirəm. – O, stolun üstündən bir dəvətnamə götürüb mənə uzatdı. – Görkəmli təbiətşünas cənab Persival Uoldron saat doqquzun yarısında Zoologiya İnstitutunun mühazirə salonunda “Əsrlərin salnaməsi” mövzusu ilə çıxış edəcək. Məni ora dəvət ediblər ki, axırda hamının adından çıxış edib mühazirəçiyə minnətdarlığımı bildirim. Sözarası elə şey deyəcəm ki, dinləyicilərdə hədsiz maraq oyanacaq və onlar bu barədə daha ətraflı məlumat eşitmək istəyəcəklər. Bəlkə, bu yolla istəyimə çatdım. Axşam saat doqquzun yarısında Zoologiya İnstitutunun mühazirə salonunda görüşərik.

V FƏSİL
SUAL VAR!
Enmor-Parkdan çıxanda yorulub əldən düşmüşdüm. Həm professorun yumruq zərbələri, həm də maraqlı söhbət məni müxtəlif hislərin, düşüncələrin qoynuna atırdı. Onun hekayəsinə getdikcə daha çox inanırdım, həm də başa düşürdüm ki, bu məlumat bütün dünya ictimaiyyətini lərzəyə gətirəcəkdir. Elə ki professor qoyduğu qadağanı götürdü, bu barədə qəzetə məqalə yazıb hamını heyrətə salacam. Yolun kənarında fayton gördüm, ona minib redaksiyaya tələsdim.
Makkadl, həmişə olduğu kimi, öz yerində oturmuşdu.
– Hə, – dedi, – səfərin necə keçdi? Yoxsa dalaşıbsınız?
– Əvvəlcə sözümüz çəp gəldi.
– Belə də adam olar?.. Bəs sonra?
– Sonra sakitləşdim, söhbət etdik, amma qəzet üçün ondan heç bir məlumat alammadım.
– Eybi yoxdur, qəzet üçün başqa material var. O, yumruğu ilə sənin gözünün altını qaraldıb, bu, qəzet üçün yaxşı materialdır. Elə günü sabah hörmətli professoru qəzetimizdə elə rüsvay edim ki, ömründə bunu unutmasın.
– Lazım deyil, ser.
– Niyə?
– Çünki o nə yaramaz, nə də fırıldaqçıdır.
– Nə? – deyərək Makkadl təəccüblə qışqırdı.– Yoxsa söylədiyi cəfəngiyyata inanırsan?
– Mən inanıram ki, o nə isə qəribə bir şey görmüşdür.
– Onda bu barədə yaz.
– Yazardım, amma söz vermişəm ki, ondan icazəsiz heç nə yazmayacam.
Sonra professorla olan söhbətimizin qısa xülasəsini ona danışdım.
– Bax məsələ bu cürdür, – dedim.
Makkadl gözlərini üzümə dikdi.
– Yaxşı, cənab Meloun, onda axşamkı iclas barədə yaz. Bunu sənə qadağan etməyiblər ki! Mühazirədə iştirak edib bu barədə maraqlı məqalə yaza bilərsən. Qəzetdə sənin məqalənə yer saxlayacam, ona görə də mühazirədən birbaşa redaksiyaya gələrsən.
…Mühazirəyə gələnlərin sayı mən təsəvvür etdiyimdən qat-qat çox idi. Adamlar mühazirə keçiriləcək binanın qarşısında qarışqatək qaynaşırdı. Faytonlardan düşən ahıl professorlar şəstlə yeriyərək xüsusi qapıdan içəri keçirdilər, sadə camaat isə əsas qapının ağzında toplaşmışdı.
Əsl həngamə professor Çellencer qapı ağzında görünəndə oldu. Onu elə hay-küylə qarşıladılar ki, mənə elə gəldi camaat elmi mühazirəyə qulaq asmağa yox, bu davakar professoru görməyə gəlib.
Professor təmkinini pozmayaraq dodaqaltı qımışdı. Sakit-sakit yeriyərək rəyasət heyətinə qalxıb yerində oturdu. Yığıncağın sədri professor Ronald Merrey ilə mühazirəçi cənab Uoldron otağa daxil olanda alqış səsləri hələ də kəsilməmişdi. Lakin tezliklə araya sükut çökdü və intizarla gözlədiyim yığıncaq başlandı.
Professor Merrey bir-iki cümlə ilə yığıncağı açıb sözü cənab Uoldrona verdi. Cənab Uoldron sürəkli alqışlar altında ayağa qalxdı.
Mühazirəçi heyvanlar aləminin aşağı pilləsində duran molyusklardan başlayıb balıqlara, sonra sürünənlərə və nəhayət, diri bala doğduğu üçün bütün məməlilərin, o cümlədən burada, bu otaqda oturanların ulu əcdadı sayılan kenquru-siçovula keçdi. Sonra mühazirəçi bir daha keçmişə qayıtdı.
– Beləliklə, möhtərəm xanımlar və cənablar, – mühazirəçi sözünə davam etdi, – bu müdhiş, nəhəng heyvanların izini Uilden və Zolenhofen yaxınlığında görüb dəhşətdən donsaq da, həmin heyvanlar hələ insan yaranmamışdan qabaq məhv olub getmişlər.
– Sual var! – rəyasət heyətində oturanlardan kimsə ucadan qışqırdı.
Uoldron professorlar oturmuş cərgəyə baxdı, gözləri ilə həmin səsin sahibini aradı, nəhayət, nəzərini özündənrazı halda gülümsəyib göz qapaqlarını yarıyadək yummuş Çellencerdə saxladı.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289817) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Anlayışları qəsdən təhrif edən prof. Çellencer bununla müsahibinin yalanını tutmaq istəyirdi.
İtmiş dünya Артур Конан Дойл

Артур Конан Дойл

Тип: электронная книга

Жанр: Литература 20 века

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: İtmiş dünya, электронная книга автора Артур Конан Дойл на азербайджанском языке, в жанре литература 20 века

  • Добавить отзыв