İbtidai oğlanın macəraları
Ernest Dervili
Dünya ədəbiyyatından seçmələr
“İbtidai oğlanın macəraları” əsəri min illər bundan əvvəl yaşamış Krek adlı oğlanın macəralarından, ibtidai insanların təhlükə və çətinliklərlə dolu həyatından bəhs edir.
Ernest d’Ervili
İbtidai oğlanın macәraları
I fəsil
Çayın sahilində
Soyuq, tutqun və yağışlı bir gündə çayın sahilində doqquzyaşlı balaca bir oğlan oturmuşdu.
Güclü axın budaq və ot qalaqlarını, kökündən qopardığı ağacları və içində ağır daşlar donub-qalmış iri buz parçalarını ağuşuna alıb sürətlə irəliləyirdi.
Oğlan tək idi. O, təzəcə kəsib düzəltdiyi bir dəstə qamış bağlamasının qabağında çöməlib oturmuşdu. Arıq bədəni soyuğa öyrəşmişdi, buz parçalarının dəhşətli səs-küyünə, gurultusuna məhəl qoymurdu.
Çayın maili sahilini sıx qamış basmışdı. Bir az aralıda isə təbaşirli təpələrin çay sularıyla yuyulmuş sıldırım yamacları hündür ağ divar kimi qabarırdı. Bu sıra təpələr dumanlı ala-toranda gözdən itənə qədər uzanır, keçilməz meşələrə bürünürdü.
Oğlanın yaxınlığında, çayın təpəni yuduğu yerdən bir az yuxarıda qara bir dəlik geniş açılmış nəhəng ağıza bənzəyirdi; bu dəlik mağaranın lap dərinliklərinəcən uzanırdı.
Oğlan doqquz il bundan əvvəl burada doğulmuşdu. Onun əcdadlarının əcdadları da ta qədimdən burada daldalanmışdılar. Mağaranın sərt təbiətli sakinləri yalnız bu qaranlıq dəlikdən girib-çıxır, havanı, işığı onun vasitəsilə alırdılar. Alovu sönməsin deyə gecə-gündüz səylə qorunan ocağın tüstüsü də buradan bayıra çıxırdı.
Bu dəliyin ətəyində nəhəng daşlar vardı; onlardan pilləkən kimi istifadə olunurdu.
Mağaranın girəcəyində ucaboy, arıq, gündən yanmış, qırış-qırış dərisi olan bir qoca göründü. Uzun, ağ saçları yuxarı qalxmış, əmgəyində yığılmışdı. Tez-tez qırpdığı göz qapaqları mağaranı daim bürüyən tüstüdən qızarmışdı. Qoca əlini qaldırdı, qalın, sallaq qaşlarının altındakı gözlərini qaldırıb çaya tərəf baxdı. Sonra:
– Krek! – deyə qışqırdı. Bu xırıltılı, kəsik qışqırtı ürkmüş yırtıcı quşun çığırtısına oxşayırdı.
Krek “quştutan” demək idi. Bu ləqəbi oğlana elə-belə verməmişdilər: lap uşaqlığından gecələr quş tutmaqda qeyri-adi cəldliyi ilə seçilirdi. Onları yuxulu-yuxulu yuvalarındaca tutur, təntənəylə mağaraya gətirirdi. Elə hallar da olmuşdu ki, onu xüsusi nahara – çiy ilik parçası yeməyə qonaq etmişdilər. Bu, qəbilənin ataları və ağsaqqalları üçün qorunub saxlanan mötəbər yemək idi.
Krek öz ləqəbi ilə fəxr edirdi. Bu ona öz gecə qəhrəmanlıqlarını yada salırdı.
Oğlan qışqırtıya çevrildi, bir andaca sıçrayıb qalxdı, qamış bağlısını götürüb qocaya tərəf qaçdı.
Daş pilləkənin yanında öz yükünü yerə qoydu, hörmət əlaməti olaraq əlini alnına qaldırıb dedi:
– Mən buradayam, Ağsaqqal! Mənə görə bir qulluq!
– Mənim balam, – qoca cavab verdi, – bizimkilər ta obaşdan meşəyə maral və iribuynuzlu öküz ovlamağa gediblər. Ancaq axşama qayıdacaqlar, çünki yadında saxla: yağış heyvanların ayaq izlərini yuyur, qoxularını məhv edir, ağacların əyri gövdələrinə, budaqlarına ilişib qalmış tüklərini aparır. Ov tapana qədər ovçular xeyli əziyyət çəkməli olacaqlar. Deməli, düz axşama qədər öz işlərimizlə məşğul ola bilərik. Qamışını bir kənara qoy. Nişan almaq üçün ağacımız çoxdur, amma daş ucluğumuz, tiyəmiz, bıçağımız azdır. Hamısı sınıb, yeyilib, yonulub.
– Mənə nə göstəriş verirsən, Ağsaqqal?
– Qardaşlarını da götürüb mənimlə birlikdə Ağ təpələr boyunca gedəcəksən. Biz böyük çaxmaqdaşları yığacağıq; onlar sahil qayalarının ətəklərində çox olur. Bu gün onları necə yonmağın sirrini sənə açağam. Daha vaxtdır, Krek. Sən böyümüsən, güclüsən, gözəlsən, öz əlinlə düzəltdiyin silahı daşımağa layiqsən. Gözlə, gedim, o biri uşaqları da gətirim.
– Eşidir və itaət edirəm, – Krek qocanın qarşısında baş əyib sevincini güclə saxlayaraq dedi.
Qoca mağaraya girdi; birdən oradan qəribə boğaz səsləri eşidildi: bu səslər insan səsindən çox, ürküdülmüş heyvan səsinə oxşayırdı.
Qoca Kreki gözəl, böyük və güclü adlandırmışdı. Yəqin, oğlanı ruhlandırmaq istəyirdi, axı Krek balacaydı, özü də çox balacaydı, həm də aparıq idi.
Krekin girdə üzü gündə yanıb qızarmışdı, yağlı, kül və zir-zibil qarışmış dağınıq, kürən saçları alnına tökülmüşdü. Bu zavallı, ibtidai uşaq elə də gözəl deyildi. Amma gözlərindən ağıllı olduğu hiss edilirdi, hərəkətləri zirək və cəld idi.
O yola düşməyə tələsir, iri ayaqlarını hövsələsizliklə yerə vurur, əlinin içi ilə dodaqlarını bərk-bərk tutub dartırdı. Nəhayət, qoca mağaradan çıxdı və yaşına uyuşmayan qeyri-adi bir cəldliklə hündür daş pillələrlə enməyə başladı. Arxasınca vəhşi oğlan uşaqlarından ibarət bütöv bir dəstə gəlirdi. Krek kimi onlar da heyvan dərisindən tikilmiş cırıq-sökük bürüncəkləri ilə soyuqdan güclə qorunurdular.
Ən böyükləri Gel adlı oğlan idi. Onun on beş yaşı tamam olmuşdu. Səbirsizliklə ovçuların onu da özləri ilə birlikdə ova aparacaqları günün gəlişini gözləyir, misilsiz balıqçı kimi məşhurlaşmaq istəyirdi. Ağsaqqal ona çaxmaqdaşının ucuyla balıqqulağından iti qarmaqlar kəsib düzəltməyi öyrətmişdi. Belə iti, sümük ucluqlu nizələrlə Gel hətta böyük sığınları da vura bilirdi.
Onun ardınca yekəqulaq Ryuq gəlirdi. Əgər insanlar Ryuqun yaşadığı dövrdə iti əhliləşdirsəydilər, o saat deyərdilər ki, Ryuqun it kimi eşitmə və iybilmə qabiliyyəti var. Ryuq meyvələrin sıx kolluqda harada bitdiyini, cavan göbələklərin yer altından harada baş qaldırdığını iydən bilirdi, yarpaqlarının xışıltısına görə ağacları gözübağlı tanıyırdı.
Ağsaqqal işarə verdi, hamı yola düşdü. Gellə Ryuq qürurla qabaqda gedirdilər, qalanlar isə ciddiyyətlə və dinməzcə arxalarınca gəlirdilər. Ağsaqqalın balaca yoldaşlarının hamısı çiynində ağac qabığının nazik zolaqlarından toxunmuş səbət aparırdı. Bəziləri əllərində ağır başlı toppuz, bəziləri daş ucluqlu nizə, digərləri isə daş çəkicə oxşayan bir şey aparırdılar.
Analar mağaranın girəcəyinə yaxınlaşıb gedənlərin arxasınca gülümsəyə-gülümsəyə baxırdılar.
Orada Mab və On adlı qədd-qamətli, ucaboylu iki qız da dayanmışdı.
Tüstülü mağarada yalnız ibtidai bəşəriyyətin ən kiçik nümayəndəsi qalmışdı. O, dizlərini yerə qoyub ocağın yanında oturmuşdu, burada – böyük kül və sönmüş kömür yığınının ortasında zəif od yanırdı. Bu balaca oğlanın adı Ojo idi.
Onun kefi yox idi, arabir sakitcə köks ötürürdü. Ağsaqqalla getmək üçün ürəyi tökülürdü. Amma göz yaşlarını saxlayır, borcunu cəsarətlə yerinə yetirirdi. Bu gün dan söküləndən ta gecə düşənə qədər ocağın keşiyini o çəkməliydi.
Ojo bununla fəxr edirdi. O bilirdi ki, od mağarada ən qiymətli şeydir, od sönsə, onu ağır cəza gözləyir. Ona görə də oğlan alovun kiçilib sönməyə başladığını görən kimi tez qatranlı ağacın budaqlarını oda atmağa başlayırdı ki, od sönməsin. Hərdənbir Ojonun gözləri yaşarırdısa, buna səbəb ocağın acı tüstüsü olurdu. Tezliklə qardaşları tamam yadından çıxdı. Ojonu başqa qayğılar üzürdü: o ac idi, axı altı yaşı təzəcə tamam olmuşdu…
Fikirləşirdi ki, əgər ağsaqqallarla atalar bu gün meşədən əliboş qayıtsalar, o, şam yeməyinə vur-tut kömürdə qızardılmış iki-üç qıjı zoğu alacaq.
II fəsil
İbtidai dövrlərin bir günü
Ojo bərk acmışdı, qardaşlarısa lap acından ölürdülər, axı soyuq küləkdə çox yol getmişdilər. Ağsaqqal bütün yolboyu onlara pıçıltı və işarələrlə sahildə bitmiş su bitkilərini necə tanımağı başa salırdı. Qış zamanı ət olmayanda bu bitkilərin ətli kökləri ilə ac mədəni birtəhər doydurmaq olurdu. O danışır, balaca yoldaşları isə gizlincə şaxtadan möcüzəylə salamat qalmış cır meyvə və giləmeyvə dərib yemək arzusu ilə alışıb-yanırdılar. Amma təklikdə yemək ciddi qadağan olunmuşdu. Tapdıqlarının hamısını mağaraya gətirirdilər. Uşaqlar adət etmişdilər ki, mağarada ov yalnız böyüklərin yoxlamasından sonra hamı arasında bölünə bilər. Buna görə də aclıq hissinə güc gəlir, yolda qabaqlarına çıxanı kisələrə atırdılar.
Əfsus! Hələlik tapdıqları on ədəd balaca, quru alma, bir neçə nazik, yarıdonmuş ilbiz, bir də insan barmağından yoğun olmayan boz bir ilan idi. İlanı Krek tapmışdı. İlanın altında yatdığı daşı çevirmişdi. Krekin belə bir adəti vardı: hara gedirdisə, yolda gücü çatan bütün daşları tərsinə çevirirdi.
Yolçularımız yeməli az şey tapsalar da, təpələrin ətəyi çaxmaqdaşı parçalarıyla dolu idi. Oğlancığazların kisələri bərk ağırlaşdı. Ən balacaları yük altında əyilə-əyilə gedirdilər. Buna baxmayaraq var gücləriylə yorğun olduqlarını gizlətməyə çalışırdılar. Uşaqlar bilirdilər ki, böyüklər əzablarını içlərində çəkməyə öyrəşiblər, əgər şikayət eləsələr, onlara güləcəklər.
Yağış, xırda dolu bir dəqiqə də ara vermirdi.
Krek qocanın arxasınca cəsarətlə addımlayır, böyüyəcəyi, mahir ovçu olacağı, daha balaca uşaq toppuzu yox, əsl silah gəzdirəcəyi zamanın tez gəlməsini arzu edirdi. Tər bədənindən sel kimi axırdı, çünki iki böyük çaxmaqdaşı aparırdı.
Onun ardınca qaşqabağını tökmüş Gellə Ryuq gəlirdilər, kefləri pozulmuşdu. İkisi də tərs kimi yolboyu heç nə tapmamışdı. Heç olmasa, balaca balıqdan-zaddan tuta bilsəydilər… Özləri kimi acından əldən düşmüş bircə hörümçək tapa bilmişdilər. Qalanlar isə başlarını aşağı salıb bürüşə-bürüşə, ağır-ağır yeriyirdilər. Dağılmış saçlarından, çökük yanaqlarından yağış suyu axırdı.
Beləcə xeyli getdilər. Nəhayət, Ağsaqqal dayanmaq işarəsi verdi. Hamı dərhal ona tabe oldu.
– Bax orada, sahildə, qaya altında dincəlmək üçün yaxşı quru yer var, – dedi. – Oturun, kisələrinizi açın.
Kimi qumda oturdu, kimi də çöməldi. Oğlanlar ən yaxşı yeri Ağsaqqala saxladılar. Krek kisələrdən çıxan hər şeyi qocaya göstərdi və balaca ilanı hörmətlə ona apardı. Onun fikrincə, belə dadlı tikə Ağsaqqala çatmalıydı.
Amma oğlanın uzanmış əlini qoca sakitcə kənar edib dedi:
– Bu sizin payınızdır! Əgər qızardılmış ət yoxdursa, mən ağac kökü yeyəcəyəm. Buna adət etmişəm, atalarım da belə edərdilər. Mənim dişlərimə baxsanız, görəcəksiniz ki, tez-tez çiy ət, müxtəlif meyvə, kök yeməli olmuşam. Cavanlığımda hamımızın hörmətini saxlamalı olduğumuz gözəl dostumuz od dəfələrlə bizim düşərgəni tərk eləmişdi. Bəzən aylarla, hətta illərlə odumuz olmurdu, çiy qida yeyə-yeyə çənəmizi işə salmalı olurduq. Yeməyə başlayın, uşaqlar. Vaxtdır!
Uşaqlar da acgözlüklə qocanın onları qonaq etdiyi bu yoxsul azuqəyə girişdilər.
Səyyahların aclığını azacıq söndürən bu miskin səhər yeməyindən sonra qoca uşaqlara tapşırdı ki, dincəlsinlər.
Onlar qızınmaq üçün bərk-bərk bir-birinə sığındılar, dərhal da ağır yuxuya getdilər.
Bircə Krek bir dəqiqəliyə də olsun gözünü yummadı. Tezliklə onunla böyümüş əsl cavan oğlan kimi davranacaqlar. Bu fikir onu yatmağa qoymurdu. O uzanıb qımıldanmadan qocaya oğrun-oğrun, dərin məhəbbətlə, hətta bir az qorxuyla göz qoyurdu. Axı Ağsaqqal həyatı boyu nələr görməmişdi; o qədər sirli, möcüzəli şeylər bilirdi ki.
Qoca ağac kökünü çeynəyə-çeynəyə bir-birinin ardınca yanına düzülmüş çaxmaqdaşı parçalarına ayıq, təcrübəli gözləriylə nəzarət edirdi. Nəhayət, xiyara oxşayan dəyirmi və uzun bir daş seçdi, daşı ayaqlarıyla tutub dik qoydu.
Krek qocanın hər hərəkətini yadda saxlamağa çalışırdı.
Daş bu təbii məngənədə sıxılan kimi qoca hər iki əli ilə başqa, ondan da ağır daş götürdü, onu bir neçə dəfə ehtiyatla çaxmaqdaşının dəyirmi başına vurdu. Daşda yüngül, güclə seziləcək çatlar əmələ gəldi.
Sonra Ağsaqqal kobud çəkici səliqəylə döyülmüş ucluğa qoydu və bütün ağırlığını onun üstünə elə saldı ki, alnında damarları göründü. Bu zaman yuxarıdakı daşı yüngülcə çevirdi. Daşın kənarlarından uzunsov ayparaya oxşar uzun-uzun qırıntılar çıxdı. Bir yandan çıxan qırıntılar qalın və kələ-kötür, o biri tərəfdən çıxanlar isə nazik və itiydi. Onlar böyük, solmuş çiçəyin ləçəkləri kimi tökülüb quma səpələndi.
Yabanı bal rəngli bu şəffaf qırıntılar bizim indiki polad bıçaqlardan heç də pis kəsmirdi. Amma onlar möhkəm deyildi, tez sınırdı.
Qoca bir az nəfəsini dərdi, sonra ən iri qırıntılardan birini seçib onu yüngül, sürətli zərbələrlə döyə-döyə nizə ucluğu formasına salmağa başladı.
Krek həyəcan və təəccübdən qeyri-ixtiyari qışqırdı. İlk dəfəydi ki, bıçaq və nizə-ox ucluqlarının necə hazırlandığını gözləriylə görürdü.
Ağsaqqal Krekin səsinə məhəl qoymadı. O, iti ucluqları yığmağa girişmişdi.
Amma birdən diqqətini toplayaraq dönüb çaya tərəf baxdı. Həmişəki sakit və məğrur sifətində əvvəlcə təəccüb, sonra sözlə deyilə bilməyən dəhşət oxundu.
Şimaldan qəribə, anlaşılmaz səs-küy gəlirdi; səs hələ uzaqda idi, arabir dəhşətli nərilti eşidilirdi. Krek qoçaq idi, amma yenə də qorxdu. O, sakit görünməyə çalışdı, toppuzdan yapışıb qoca kimi ayıq-sayıq oldu.
Səs-küy uşaqları oyatdı. Yerlərindən sıçrayıb qorxudan əsə-əsə qocanın yanına qaçdılar. Qoca onlara əmr verdi ki, ləngimədən dik qayanın başına çıxsınlar. Uşaqlar dərhal yuxarı dırmaşmağa başladılar. Əlləriylə hər daş çıxıntısından yapışır, ayaqlarını qoymaq üçün qayadakı hər yarıqdan istifadə edirdilər. Zirvəyə yaxın iri bir çıxıntıda qarnı üstə uzanıb qanamış barmaqlarını yalamağa başladılar.
Ooca onların arxasınca gələ bilmədi. O, qayanın altında qaldı, Krek də inadla onu tərk eləmək istəmədi.
– Ağsaqqal! – deyə qışqırdı. – Dediyin kimi, bizi naməlum təhlükə gözləyir. Sən məni sevirsən, mən də səni tərk etməyəcəm: ya birlikdə öləcəyik, ya da birlikdə qalib gələcəyik. Sən yenilməz və güclüsən, döyüşəcəksən, mən isə… əgər oradan pis adamlar, yaxud vəhşi heyvanlar çıxsa, mən onların ciyərini çıxaracam.
Krek əl-qolunu ölçə-ölçə bu döyüşkən nitqi söylədiyi müddətdə qorxulu səs dəqiqəbədəqiqə qocayla uşağın gizləndiyi yerə yaxınlaşırdı.
– Krek, sən cavansan, gözlərin yaxşı görür, çaya bax, nə görürsən?
– Böyük quş dəstəsi göyün üzünü tutub. Suyun üstündə dövrə vurur. Yəqin, bizi qorxudan onların qəzəbli çığırtılarıdır.
– Bəs suda bir şey görmürsən? Bir də bax. Quşlar çayın üstündə dövrə vurur? Deməli, onlar suda üzən bir ova göz qoyurlar ki, fürsət düşən kimi hücum eləsinlər. Bəs belə dəhşətlə nərildəyib bağıran nədir? Gəl, səni qaldırım, bir də bax.
Amma Ağsaqqalın əllərində də Krek əbəs yerə uzaqlara baxırdı.
– Yuxarıdan nə görünür? – qoca başı üzərindəki qayada, təhlükəsiz yerdə uzanmış uşaqlara qışqırdı. – Sən de, Ryuq.
– Uzaqda, çayın ortasında, ağ qayanın üstündə böyük, qara bir şey görünür, – oğlan cavab verdi. – Amma nə olduğunu seçə bilmirəm. Qara bir şey tərpənir.
– Yaxşı, Ryuq. Bu, qara, iribuynuzlu öküz deyil ki?
– Yox, bu, nəhəng iribuynuzlu öküzdən böyükdür, – Ryuq qışqırdı.
– Qulaq as, Ağsaqqal, – Gel qışqırdı. – İndi ağ qayanın üstündə bir yox, iki ləkə görünür, ikisi də tərpənir. Yanlarındakı qaya da qırmızıya boyanıb.
– Mən onları görürəm! Mən onları görürəm! – rəngi ağarmış, tir-tir əsən Krek təsdiq etdi. – Orada iki heyvan var, ikisi də nəhəngdir. Onlar buz parçasının üstündədirlər, buz parçasısa bizim mağaradan böyükdür. Onlar tərpənmirlər. İndi üzüb yanımızdan keçəcəklər. Bir bax! Biz məhv olduq!
Ağsaqqal Kreki yerə qoyub çaya tərəf döndü.
Gördüyü mənzərədən qoca ovçunun rəngi qaçdı. Kreklə uşaqlar ağlayır, qorxudan tir-tir əsirdilər. Saysız-hesabsız yırtıcı quşların qışqırtısı köpüklü, bulanıq dalğaların səsinə qarışmışdı; bu dalğalarla fırlana-fırlana, yırğalana-yırğalana nəhəng bir buz parçası üzürdü.
Buz parçasının üstündə ağlasığmaz dərəcədə nəhəng, qalıntüklü bir mamont-fil görünürdü. Heyvanın arxa ayaqları buzun yarığında itmiş, sanki tələyə düşmüşdü. Heyvan qabaq ayaqlarıyla yarığın kənarına çətinliklə söykənərək dayanmışdı. Əyri dişləri yuxarı qalxmışdı, gəmi doru kimi göyə qalxmış xortumundan dayanmadan qan fəvvarə vururdu. Heyvanın bütün bədəni deşilmiş qarnından fışqıran qana boyanmışdı. O, ölümqabağı çırpıntılarla nərildəyir, bağırırdı. Yanında mamontun qarnını buynuzuyla deşən böyük bir kərgədan uzanmışdı; o öz qüdrətli düşməni tərəfindən boğulub öldürüldüyü üçün hərəkətsiz qalmışdı.
Nəhənglər qanlı buz parçasının üstündə Ağsaqqalın yanından üzüb keçəndə azman fil qorxunc səslə nərildəyib məğlub etdiyi düşməninin leşinə cumdu.
Bu ölümqabağı qışqırtıdan yer lərzəyə gəldi. Əks-sədası uzun müddət eşidildi, yırtıcı quşlar isə havada bir anlıq donub-qaldılar. Sonra yeni bir qəzəblə buz salına hücum çəkdilər, burada artıq iki leş vardı. Çalağanlar, qartallar, axır ki, ovun üstünə atıla bilmişdilər.
Buz parçası qorxunc heyvanların leşlərini özüylə aparıb gözdən itdi. Qoca küləkdən codlaşmış üzünün tərini silib kiçik yoldaşlarını çağırdı. Yazıqlar dişləri şaqqıldaya-şaqqıldaya, ayaqları əsə-əsə qocanın yanına düşdülər. Krek onun əlini hələ də həyəcanla sıxıb durmuşdu.
Məgər indi işə başlamaq olardı? Çaxmaqdaşından silah düzəltmək dərsi təxirə salındı, hamısı dinməzcə, ətrafa ehtiyatla baxa-baxa mağaraya tərəf yollandı.
Uşaqlar tez-tez çevrilib arxaya baxırdılar. Uçan quşların səsini hələ də eşidirdilər. Onlara elə gəlirdi ki, yəqin, o müdhiş buz parçasını güdən acgöz heyvanlardan biri indi də dallarınca gəlir.
Amma yavaş-yavaş sakitləşdilər, Krek gülümsəyib Ryuqun qulağına dedi:
– Biz gələndə Ojo bizə həsəd aparırdı. Amma indi sevinəcək ki, oda keşik çəkmək üçün mağarada qalıb, bizim kimi qorxmayıb.
Amma Ryuq başını bulayıb etiraz etdi:
– Ojo cəsurdur, bu nəhəngləri görmədiyi üçün, yəqin ki, heyifsilənəcək.
III fəsil
Əbədi düşmən
Uşaqlar gecə düşənə kimi sağ-salamat evə qayıtdılar.
Qorxulu macəra haqqında hekayət anaları tir-tir əsməyə, balaca bacıları ağlamağa məcbur etdi. Bundan sonra miskin, tüstülü doğma mağara uşaqlara rahat ev kimi göründü.
Burada qorxmalı heç nə yox idi. Hər yanda möhkəm daş divarlar ucalır, parlaq od bu divarları nəvazişlə isidirdi.
Od insanın ən yaxşı dostudur, o, soyuğa üstün gəlir, vəhşi heyvanları qorxudur. Ancaq elə bir düşmən var ki, hətta od da onun qarşısında acizdir.
Onunla mübarizəni dayandıran kimi bu əbədi düşmən insanı daim təqib edir, məhvə aparır. Çünki o, həmişə, hər zaman həyata zidd olub. Bu amansız, acgöz düşmən elə indi də öz dağıdıcı hücumlarını davam etdirir, minlərlə insanı məhv edir. Onun adı aclıqdır.
Uşaqların mağaraya qayıtmasından düz dörd gün keçirdi, ovçular, yəni babalar və atalar hələ də gəlib çıxmamışdılar.
Təcrübəli olduqlarına baxmayaraq meşədəmi azmışdılar? Yoxsa ovlarımı uğursuz olmuşdu? Bəlkə, hələ də əbəs yerə meşədə vurnuxurdular? Bilən yox idi.
Ancaq Ağsaqqal da, analar da, uşaqlar da ataların günlərlə mağarada olmamalarına adət etmişdilər. Bilirdilər ki, ovçular zirək, güclü, diribaşdılar, onlar sarıdan qətiyyən narahat olmurdular. Evdə qalanlar başqa qayğılarla məşğuluydular: mağaranın bütün qida ehtiyatı tükənmək üzrəydi.
Keçən ovdan qalan iylənmiş maral ətinin kiçik bir parçasını ilk günlərdəcə yedilər.
Mağarada bir parça da ət qalmamışdı. Paltar üçün kənara qoyulmuş təzə dərilərə girişmək lazım gəldi.
Qadınlar yunu iti kənarları ustalıqla yonulmuş kiçik, yastı çaxmaqdaşlarıyla təmizləyib damarları ağır dəridən ayırdılar. Sonra dəriləri kiçik parçalar şəklində doğradılar. Qan ləkələriylə örtülmüş bu parçaları suda isladıb o qədər bişirdilər ki, qatı, yapışqan kütlə əmələ gəldi.
Onu da deyək ki, bu iyrənc sup küpəsiz bişirdi. İnsanlar gil qabları hazırlamağı daşdan kobudcasına yonulmuş və döyülmüş silah düzəltməkdən xeyli gec öyrəndilər.
Krekgilin mağarasında suyu məharətlə hörülmüş kisələrdə – ağac qabığından düzəldilmiş səbətlərdə qaynadırdılar, sözsüz ki, belə səbəti yanan kömürün üstünə qoymaq olmazdı, suyu qızdırmaq üçün kisəyə bir-birinin ardınca odda qıpqırmızı qızarmış daşlar atırdılar. Su əvvəl-axır qaynayır, amma küldən bulanıq və çirkli olurdu.
Donmuş torpaqdan əziyyətlə çıxardılan bir neçə kök yeyilmişdi.
Gel haradansa iyrənc bir balıq gətirdi. Uzun və ağır səylərdən sonra yalnız bunu tuta bilmişdi. Amma bu miskin ovu da sevinclə qarşıladılar. Onu dərhal bölüşdürüb yedilər. Heç zəhmət çəkib kömürdə qızartmadılar da. Amma balıq balaca, ac ağızlarsa çox idi. Hərəyə kiçik bir parça çatdı.
Ağsaqqal aclıqdan əzab çəkən mağara sakinlərinin başını qatmaq üçün hərəyə bir iş tapşırmağı qərara aldı. Bu işlər haqqında sonra danışacağıq, hələliksə gəlin mağaraya nəzər salaq.
Xoşbəxtlikdən biz oraya xəyalən girə bilərik. Yoxsa yəqin ki, ibtidai insanların bu qaranlıq sığınacaqlarında hökm sürən dəhşətli üfunətdən, ağır havadan boğulardıq.
Torpaq suları vaxtilə yumşaq dağ süxurlarını oyub geniş və dərin dəliklər açmışdı. Əsas mağara digər xırda mağaralarla dar keçidlər vasitəsilə birləşirdi. Tüstüdən qaralmış tavanlardan stalaktitlər[1 - Stalaktit – mağaraların tavanında sızan damcılardan əmələ gələn ərp] sallanır, ağır damcılar düşürdü. Su hər yerdən sızır, divarlardan axır, döşəmənin yarıqlarında toplanırdı. Düzdür, mağara ibtidai insanı şiddətli soyuqdan qoruyurdu, amma bu, sağlamlıq üçün zərərli, nəm sığınacaq idi. Onun sakinləri tez-tez soyuqlayır, xəstələnirdilər. Dövrümüzün alimləri dəfələrlə belə mağaralarda şişmiş, eybəcər hala düşmüş sümüklər tapıblar.
Amma gəlin Krekin yurduna qayıdaq. Əsas mağaranın divarları boyunca kirli, natəmiz torpaqda yarpaq və mamır qalaqlanmışdı, bəzi yerlərdə onların üstünə heyvan dəriləri atılmışdı – ailə bundan yataq kimi istifadə edirdi.
Mağaranın ortasında dərin və böyük kül, bir də sönmüş piyli kömür yığını ucalırdı; kənarları azacıq istiydi, amma ortasında kiçik ocaq yanırdı. Oda keşik çəkən Krek ara vermədən yanındakı bağlamadan çıl-çırpı götürüb ocağa atırdı.
Kül və kömürün arası müxtəlif yemək qalıqları, tullantılarla: iliyi çıxardılıb uzun-uzun doğranıb gəmirilmiş sümüklərlə, yanmış şam qozalarıyla, kömürləşmiş balıqqulağılarıyla, gəmirilmiş qabıqlarla, balıq sümükləriylə, dəyirmi daşlarla, cürbəcür çaxmaqdaşlarıyla doluydu.
Bu çaxmaqdaşı qırıqları yeyilmiş bıçaqların, tiyələrin və digər alətlərin qalıqları idi. Çaxmaqdaşından düzəlmiş alətlər kövrək idi, tez kütləşir, sınırdı. O zaman onları sadəcə zibil qalağına atırdılar.
Əlbəttə, ibtidai insanların ağlına da gəlməzdi ki, gələcək nəsillər nə vaxtsa bu mətbəx tullantılarını eşələyəcək, kütləşib sınmış bıçaqlar axtaracaq, ocaqdan kömür çıxaracaq, sonra da onları möhtəşəm muzeylərin geniş zallarında nümayiş etdirəcəklər.
Bu ibtidai mənzildə mebel yox idi. Evin bütün avadanlığını bir neçə iri balıqqulağı, ağac qabığından, ya da qamışdan hörülmüş bir neçə kisə, böyük heyvanların kəlləsindən düzəldilmiş kasayabənzər şeylər təşkil edirdi.
Bunun əvəzində çoxlu silah vardı, kobud düzəldilsə də, dəhşətli silahlar idi. Mağarada böyük nizə, mizraq və ox ehtiyatı saxlanılırdı. Burada bitki yapışqanı, ağac və dağ qatranı, yaxud heyvan damarlarıyla ağaca birləşdirilmiş iti daş ucluqlar, itilənmiş maral və öküz buynuzlarından hazırlanan sümük xəncərlər, heyvan dişləri taxılmış dəyənəklər – toppuzlar, ağac dəstəkli daş baltalar, bütün ölçülərdə çaxmaq tiyələri və nəhayət, sapand üçün istifadə olunan dəyirmi daşlar vardı.
Amma mağarada hər hansı bir ev heyvanı axtarmağımız əbəs olardı. Ocağın yanında, zibil qalağının həndəvərində nə bir it, nə bir pişik, nə də bir toyuq görünürdü. O qədim zamanlarda insan hələ heyvanları əhliləşdirə bilməmişdi.
Krek ömründə nə inək, nə keçi südü görmüş, nə də dadına baxmışdı.
Haqqında danışdığımız həmin sərt zamanlarda heç kəs arpa, çovdar sünbülünün nə olduğunu bilmirdi. Heç Ağsaqqalın özü də.
Ola bilsin ki, hərdənbir düzənlikləri gəzəndə ona tanış olmayan hündür bitkilər tapmış, bu bitkilərin təptəzə sünbüllərini əli ilə yoxlayıb dadına baxmış, ləzzətli olduğunu görmüşdü. Yəqin, bu sünbülləri yoldaşlarına da göstərmiş, onlar da dadlı toxumları ləzzətlə gəmirmişdilər. Amma bu adamların törəmələrinin bitki toxumlarını yığması, onları öz evlərinin kənarında əkməsi, dadlı taxıl əldə etməsi üçün hələ əsrlər keçməli idi. Kreksə ömründə nə çörək, nə də arpa sıyığı görmüşdü.
Mağara sakinləri böyük qida ehtiyatı ilə öyünə bilməzdilər. Xüsusilə də soyuq fəsillərdə elə az heyvan və balıq ovlanırdı ki, ancaq yeməyə çatır, ehtiyat üçün saxlamağa heç nə qalmırdı. Bundan başqa, mağara insanı sabahkı gün haqqında o qədər də düşünmürdü. Çoxlu ət, ya balıq əldə edən kimi bir neçə gün mağaradan çıxmır, bir parça ov əti qalana qədər kef eləyirdi.
İndi də beləydi. Böyüklər ova yalnız mağarada, demək olar ki, yeməli heç nə qalmayanda yollanmışdılar. Təbiidir ki, ova çıxdıqlarının dördüncü günü mağara sakinləri artıq əvvəllər gəmirilmiş və külə atılmış sümükləri gəmirməyə başlamışdılar. Ağsaqqal Ryuqa əmr etdi ki, bu sümüklərin hamısını yığıb daşın üstündə əzsin. Sonra Ryuq əlinə daş kürəkcik götürüb balaca Ojonun nə vaxtsa yığdığı qıjı zoğlarının acı, kömürləşmiş qabığını qazımağa başladı. Aclığa mətanətlə, ağlayıb-sızlamadan, şikayət etmədən dözən qızlara – Maba və Ona yırtıq xəzləri yamamaq tapşırıldı. Bu xəzlər ailənin ehtiyat paltarları idi.
Qızlardan biri piyli dərilərin cırılmış kənarlarında sümük bizlə deşik açır, o biri isə bizim tikiş iynəsinə oxşayan çox nazik sümük iynə ilə bu deşiklərdən heyvanların damarlarını və vətərlərinı keçirərək toxuyurdu. Başları bu çətin işə elə qarışdı ki, bir müddət onları əldən salan əzabverici aclığı belə unutdular.
Qalan uşaqlar Ağsaqqalın əmri və nəzarətiylə silah düzəldirdilər. Qoca hətta ən xırda çaxmaqdaşlarından da ox ucluqları düzəltməyi öyrədirdi.
Havanın sərt keçməsinə baxmayaraq Ojonu palıd qozası yığmağa göndərmişdilər. Bu elə də xoşagələn iş deyildi. Yer qarla örtüləndə qoza axtarışına insanın təhlükəli rəqibləri – ac qabanlar çıxırdı.
Amma Ojo onlarla qarşılaşmaqdan qorxmurdu. Ağaca Krekdən pis çıxmırdı, təhlükə baş verəndə bir andaca budaqlara dırmaşmağı bacarırdı. Buna baxmayaraq yekəqulaq Ryuq arabir bayıra çıxıb Ojoya göz qoyurdu. Ryuq mağaradan çıxan əyri-üyrü cığırla təpənin başına qalxır, balaca qardaşına uzaqdan ürək-dirək verirdi. Həm də ətrafa diqqət kəsilirdi.
Amma hər dəfə külək ona meşənin səsini gətirirdi. Ryuq yekə qulaqlarını nə qədər şəkləsə də, ovçuların ayaq səslərini eşitmirdi.
Gün başa çatmaq üzrəydi, artıq heç kəs ovçuları bu gün görəcəyinə ümid eləmirdi. Hamını yavaş-yavaş küt, qəmli bir ümidsizlik basırdı.
Ağsaqqal mağaranın ac sakinlərini birtəhər ruhlandırmaq üçün hamıya meşəyə, təpənin başına getməyi, gecə düşənə qədər qida axtarmağı əmr etdi. Bəlkə, uşaqlar dəfələrlə ələk-vələk edilmiş bu meşədə böyüklərin köməyi ilə yeməli bir şey – ağac yapışqanı, qış sürfələri, meyvə, yaxud bitki toxumları tapdılar.
Hamı dinməzcə Ağsaqqalın əmrinə tabe oldu; deyəsən, çoxlarında ümid baş qaldırmışdı.
Qadınlar silahları, uşaqlar çubuqları götürdü, hamı yola düşdü.
Krek ona göstərilən etimaddan qürur duyaraq ocağın yanında tək qaldı. O, düz axşama qədər ocaqdakı odu qorumalı və balaca Ojonun qayıtmağını gözləməliydi.
IV fəsil
Borc hissi və aclıq
Krek ocağın qabağında bir xeyli çöməlib oturdu. Səylə odu qızışdırır, bədənində qaçışan iyrənc həşəratları tutmaqla məşğul olurdu. Qəfildən mağaranın xırda daş və balıqqulağı səpələnmiş girəcəyində yüngül və sürətli ayaq səsləri eşidildi. Krek başını döndərib təngnəfəs olmuş Ojonu gördü. Ojonun gözləri sevinclə parlayırdı. Siçovula oxşayan böyük, qaramtıl bir heyvanın quyruğundan tutub gətirirdi. Bu, ala siçan idi, daha doğrusu, indi də Sibir düzənliyində məskun olan ala siçanın əcdadı idi.
– Bir bax, bunu mən öldürmüşəm, – Ojo qışqırdı, – özüm təkcə öldürmüşəm. Krek, mən ovçu olacağam!
O, heyvanı qardaşının ayaqları altına atdı və mağarada Krekdən başqa heç kəsin olmadığına fikir vermədən ucadan qışqırdı:
– Tez olun, tez olun! Ardımca gəlin! Bu saat! Onlardan yuxarıda hələ çoxdur. Mən tək bacara bilməyəcəyəm, hamımız birlikdə getsək, onları tutub axşam doyunca yeyərik. Di tərpənin!
– Belə bərkdən qışqırma. Məgər görmürsən ki, hamı meşəyə gedib, – Krek onu saxladı. – Bircə mən qalmışam. Gözün görmür bəyəm?
Ojo yan-yörəsinə baxdı, qardaşı düz deyirdi. Məyus oldu. Evə gələrkən yolda hamının ovu görüb necə sevinəcəyini təsəvvür edirdi. Fikirləşirdi ki, hətta Ağsaqqal da onu tərifləyəcək. Sən demə, mağarada bircə Krekiymiş, o da az qalır ki, onu ələ salsın.
Amma tələsmək lazım idi, yoxsa qənimət əllərindən çıxa bilərdi. Ojo qardaşını tələsdirməyə başladı. Çoxlu siçan öldürmək üçün palıd meşəsinin kənarına çıxmaq bəs idi. Krek tərpənib ayağa sıçradı.
– Cəld ol! – deyə qışqırdı. – Getdik!
Mağaraya çoxlu qida gətirmək, özü də belə ac bir gündə! Krek ağır ağacı əlinə götürüb qardaşının dalınca atıldı.
Amma birdən od yadına düşdü, tərəddüdlə dayandı.
– Gəl də, – Ojo mağaranın girəcəyindən onu tələsdirdi. – Gəl, yoxsa gec olacaq. Mən Üç Ölü Şamın altında balaca bir dəstə görmüşəm. Tələssək, onları tutacağıq. Axı mən bura qaçaraq gəlmişəm.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/e-d-ervili/ibtidai-oglanin-mac-ralari-68289799/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Stalaktit – mağaraların tavanında sızan damcılardan əmələ gələn ərp