Meymun qəbiləsindən Tarzan 1
E.R. Berrouz
Dünya ədəbiyyatından seçmələr
XX əsrdə fantastika janrının inkişafına böyük təsir göstərmiş məşhur Amerika yazıçısı Edqar Rays Berrouzun yaradıcılığının zirvəsi Tarzan haqqında silsilə hesab olunur. Bu kitab da həmin silsiləyə daxildir.
Edqar Rays Berrouz
Meymun qəbiləsindən Tarzan. 1-ci kitab
Ön söz
Statistika həvəskarları ərinməyib hesablayıblar: yer üzünün ən populyar, haqqında ən çox film çəkilmiş, prototipi olmayan ədəbi qəhrəmanı Tarzandır: 88 bədii film.
Bununla belə, demək olmaz ki, “Tarzan” dünyada ən çox ekranlaşdırılmış bədii əsərdir. Ən azı ona görə ki, sırf bu adda əsər yoxdur. Tarzaniada – ayrı-ayrı romanlar toplusudur, kino dili ilə ifadə etsək, serialdır. Doğrudur, “serial”a daxil olan romanların hamısının başlığında Tarzanın adı çəkilir.
Hər şey 1911-ci ildə başlandı. Otuz beş yaşlı çikaqolu yarı işadamı, yarı qulluqçu Edqar Berrouz (Burroughs) son bir ildə menecer işlədiyi satış firmasının ofisində oturub çətin maddi vəziyyətdən çıxış yolu axtarırdı. İndiyədək o özünü çox sahədə sınamışdı: orduda xidmət etmişdi, mağazada, mədənlərdə, polisdə, dəmir yolunda, stenoqrafiya bürosunda, reklam agentliyində işləmişdi. Hətta yenidən orduya yazılmağa cəhd göstərmişdi. Amma ABŞ-ın gələcək prezidenti, o vaxtlarsa könüllülərdən ibarət 1-ci süvari batalyonunun komandiri polkovnik Teodor Ruzveltdən rədd cavabı almışdı…
Berrouz düşüncə içində qarşısındakı ticarət blankının arxa tərəfini çevirdi və iri hərflərlə yazdı: “Fantastik roman”.
“Gənc” yazıçı Marsa düşmüş adam haqqında ilk əsərini aylıq “All story” jurnalına göndərdi. Özü də gözləmədiyi halda redaksiyadan ona əlyazmanın qəbul edildiyi haqda məktub və 400 dollarlıq çek gəldi. Həvəslənmiş Berrouz ikinci romanını yazdı: “Meymun qəbiləsindən Tarzan”. Əsər 1912-ci ildə jurnalda, 1914-cü ilin iyununda isə ayrıca kitab şəklində çap olundu.
Berrouzun yazıçı kimi zəfəri belə başlandı. O hər il bir-iki, bəzən hətta üç roman dərc etdirirdi. Bu əsərlərdə Con Karterin Marsda səmavi macəraları, torpağa batmış Pellusidar diyarında sakinlərin yeraltı sərgüzəştləri, Tarzanın yerüstü qəhrəmanlıqları və s. təsvir olunurdu. Bütün kitablar yaxşı satılırdı, amma Tarzan seriyası rekordlar vururdu.
1918-ci ildə Berrouz kitablarının qonorarına Kaliforniyada ranço aldı və onun adını Tarzaniya qoydu. İndi dünyanın bir çox iri şəhərlərində “Tarzaniya” parkları uşaqların sevimli əyləncə mərkəzləridir.
1929-cu ildə məşhur yazıçı “Edgar Rice Burroughs İnc.” (ERB) şirkətini yaratdı; şirkət onun əsərlərinin nəşri ilə yanaşı, Amerikada Tarzana həsr olunmuş bütün kitabların, filmlərin, televiziya və radio quruluşlarının, komikslərin, sonradan isə cizgi filmlərinin və oyunların müəllif hüquqlarını idarə etməyə başladı.
Berrouz ömrünün sonuna qədər (1950) Tarzan haqqında daha 23 kitab yazdı. Bundan başqa, müəllifin seriyadankənar üç əsərinə də Tarzan obrazı daxil edilmişdi. Həmin kitablardan ikisi uşaqlar üçün nəzərdə tutulmuşdu [“Tarzan və onun əkizləri” (1927), “Tarzanın əkizləri və Qızıl şir” (1928)].
Amma qəribə şeylər baş verirdi: Berrouz artıq dünyasını dəyişmişdi, Tarzanın yeni qəhrəmanlıqlarından danışan əsərlər isə çıxmaqda davam edirdi. XX əsrin 60-cı illərində Barton Uerper adlı yazıçı Tarzan haqqında beş romandan ibarət seriya ortaya çıxardı. Amma ERB şirkəti müəllif hüquqlarının pozulduğunu əsas gətirərək bu romanların qadağan edilməsinə və satışdan çıxarılmasına nail oldu. Çikaqolu ədib Frits Leyberin “Tarzan Qızıl vadisində” romanını isə şirkət leqallaşdırdı və onu Berrouzun Tarzan seriyasının 25-ci kitabı elan etdi.
1995-ci ildə seriyanın sonuncu kitabı – “Tarzanın unudulmuş sərgüzəştləri” romanı işıq üzü gördü. Berrouzun varislərinin razılığı ilə texaslı yazıçı, döyüş növləri üzrə ekspert Co Lansdeyl müəllifin 1946-cı ildən yarımçıq qalmış əlyazmasını bitirdi və çapa verdi.
Hazırda əlinizdə tutduğunuz kitab – XX əsrin kütləvi mədəniyyətinin ən populyar obrazlardan birini yaratmış, “Elmi fantastika ensiklopediyası”nın (Nyu-York, “St. Martin’s Press” nəşriyyatı, 1993) 178-ci səhifəsində deyildiyi kimi, “əsrin ən tanınan ədəbi personajını” dünyaya bəxş etmiş ilk əsərdir. Roman orijinaldan tərcümə olunaraq bir qədər yığcamlaşdırılmış, orta məktəb şagirdləri üçün oxu vəsaitlərinə irəli sürülən tələblərə uyğunlaşdırılmışdır. Növbəti aylarda biz Tarzaniadanın digər misilsiz nümunələrini də eyni üsulla işləyib sizə çatdıracağıq.
Tarzan haqqında kitabların Azərbaycan dilində ilk nəşrinə müqəddiməni isə romanın birinci səhifəsindən Berrouzun öz sözləri ilə bitiririk:
“Ola bilsin, kitabı başa vurduqdan sonra oxuduqlarınız sizə… o qədər inandırıcı görünməsin, amma razılaşın ki, gözəl və maraqlı əhvalatdır”.
Buyurun, valideynlərinizin uşaqlıq və gənclik illərinin parlaq xatirələrinə siz də baş vurun.
Arif Əliyev
I fəsil
Dənizdə
Dostumgilə qonaq getmişdim, bu əhvalatı o mənə danışdı.
Əvvəl elə-belə, söhbət xatirinə başladı, mən deyəndə ki hər şeyi özündən uydurub, bir sözünə də inanmıram, incidi. Dostum çox mehriban, amma məğrur, bir az da dəymədüşər adam idi. Qüruruna toxundu, dedi ki, yox, axıradək qulaq asmalısan. Sonda isə yalan danışmadığını sübut etmək üçün mənə vərəqləri saralmış köhnə əlyazma və Britaniya Müstəmləkələr Nazirliyinin bir qalaq hesabatını göstərdi.
Mən heç indi də tam əminliklə deyə bilmərəm ki, bu, gerçək əhvalatdır. Axı öz gözlərimlə görməmişəm. Kim bilir, bəlkə, hər şey məhz belə olub, bəlkə də, yox. Hər ehtimala qarşı, hekayətin qəhrəmanlarının adını dəyişmişəm.
Dostumun mənə verdiyi saralmış əlyazma dünyasını çoxdan dəyişmiş gənc bir ingilis zabitinin gündəliyidir. Bu gündəliyin və nazirliyin hesabatlarının ən maraqlı hissələrini sizin də diqqətinizə çatdırmaq istəyirəm. Ola bilsin, kitabı başa vurduqdan sonra oxuduqlarınız sizə … o qədər inandırıcı görünməsin, amma razılaşın ki, gözəl və maraqlı əhvalatdır.
Həm əlyazmadan, həm də nazirliyin hesabatlarından belə başa düşmək olur ki, həmin gənc zabit (adını Con Kleyton, lord Qreystok qoyaq) çox vacib tapşırıqla Qərbi Afrikanın dəniz sahilində yerləşən Britaniya müstəmləkəsinə göndərilibmiş. Orada hər vədə inanan sadəlövh adamlar yaşayırlarmış. Avropa ölkələrindən birinin hərbçiləri bu adamların sadəlövhlüyündən istifadə edərək onları şirnikləndirib aldadır, orduya aparırlarmış. Ordunun işi-gücü isə Aruvimi və Konqo çayları boyunca cəngəlliklərdə məskən salmış vəhşi qəbilələrin topladıqları rezin kauçukunu və fil sümüyünü zorla onların əlindən almaq imiş.
Yerli əhalidən Britaniya Müstəmləkələr Nazirliyinə aldadıldıqları barədə tez-tez şikayətlər daxil olurmuş. Sən demə, varlanmaq həvəsi ilə orduya yazılan qaradərili gənclərin əksəriyyəti hərbi xidmət müddəti bitdikdən sonra da geri qayıtmırmış: avropalılar onları orduda saxlayıb qul kimi işlədirlərmiş.
Con Kleytonu nazirlik Afrikaya qaradərili Britaniya təbəələri ilə başqa bir ölkənin hərbçilərinin qəddar davranışının qarşısını almaq üçün göndəribmiş.
***
Con Kleyton əsil-nəcabətli, döyüşlərdə göstərdiyi şücaətlərlə şöhrət qazanmış bir nəslin davamçısı, gənc, qüvvətli və iddialı zabit idi. Donanmada xidməti başa vurub nazirliyə işə keçmişdi. İndi onu siyasi karyera daha çox maraqlandırırdı. Buna görə də belə mühüm tapşırıq və yeni təyinat aldığına sevinirdi. Nazirliyin ona göstərdiyi etimaddan qürrələnirdi. Siyasi fəaliyyətdə uğur qazanmaq üçün qarşısında yeni imkanlar açılırdı. Amma təklifi qəbul edə bilməyəcəyinə təəssüflənirdi. Çünki Əlis Ruterfordla üç ay idi ki, evlənmişdi, gənc arvadını evdə tək qoya bilməzdi, onu da özü ilə Afrika cəngəlliklərinə aparmağı isə ağlına da gətirmirdi.
Amma gözəl və ağıllı Əlis ərinin karyerasına mane olmamaq üçün əsl mərdlik göstərdi: tələb etdi ki, Con təklifə razı olsun və onu da özü ilə Afrikaya aparsın.
18**-ci ilin ilıq bir may səhəri lord Kleyton arvadı ledi Əlislə Duvrdan Afrikaya yola düşdü. Bir aydan sonra onlar Fritauna çatdılar və burada “Fuvalda” adlı gəmi kirayələyib təyinat yerinə yollandılar.
Həmin gündən lord Con Kleyton və onun həyat yoldaşı ledi Əlis Ruterford yoxa çıxdılar.
İki aydan sonra Britaniya hərbi gəmiləri Atlantik okeanının cənub sahillərini ələk-vələk elədilər, amma “Fuvalda”nın izini də tapmadılar. Nəhayət, müqəddəs Yelena adasında bir gəminin qalıqlarına rast gəldilər. Qalıqların “Fuvalda”ya məxsus olduğunu, gəminin qəzaya uğradığını və bütün heyətin dənizdə boğulduğunu güman etdilər. Axtarışları dayandırdılar.
Bu sahillərdə “Fuvalda” kimi kiçik ticarət gəmiləri çox üzürdü. Hamısının da komandası başqa iş tapa bilməyən avaralardan, hökumətdən gizlənən və ya sürgün edilmiş cinayətkarlardan ibarət idi. Gəmi kapitanları matrosları adam yerinə qoymur, onlarla heyvan kimi davranır, hər səhvə yol verəni döyür, itaət göstərməyəni öldürüb dənizə atırdılar.
“Fuvalda” həmin gəmilərdən heç nə ilə fərqlənmirdi. Matroslarla zabitlər bir-birinə nifrət edirdilər. Təcrübəli kapitan matrosları yalnız qamçı və silahın gücünə itaətdə saxlayırdı. Ədalət naminə demək lazımdır ki, onlar da ancaq bu dili başa düşürdülər.
“Fuvalda” Fritaundan aralanandan iki gün sonra lord Kleyton və ledi Əlis belə eybəcər səhnələrdən birinin şahidi oldular.
Onlar gəminin göyərtəsində kapitan Billinqlə söhbət edirdilər. İki matros diz çöküb göyərtəni yuyur, yavaş-yavaş onlara yaxınlaşırdı. Söhbəti bitirib getmək üçün geri addım atan kapitanın ayağı matroslardan birinə ilişdi və o, müvazinətini saxlaya bilməyib yerə yıxıldı. Yıxılanda ayağı vedrəyə dəydi, çirkli su üstünə töküldü. Nazirlik işçisinin və gözəl xanımın qarşısında özünü alçaldılmış hiss edən Billinq pərtlikdən qıpqırmızı qızardı, sıçrayıb var qüvvəsi ilə matroslardan birinin çənəsinə yumruq ilişdirdi. Arıq, balacaboy, çalsaç matros yerə sərildi. Onun enlikürək, yekəpər yoldaşı bunu görəndə dikəldi, dişlərini it kimi qıcadı, altdan-yuxarı güclü zərbə ilə kapitanı ikinci dəfə döşəməyə uzatdı.
Billinqin qızarmış sifəti hirsindən qaraldı. Nə? Göyərtədə qiyam? Təcrübəli kapitan çox belə qiyam görmüşdü, çox üsyankarın köpünü yatırtmışdı. O, bir an düşünmədən tapançasını çıxartdı və yekəpər matrosun ürəyini nişan aldı. Amma tapança kapitanın əlində parıldayanda lord Kleyton özünü irəli atdı, Billinqin qolundan basdı. Güllə matrosun dizinə dəydi.
Kleyton kapitanın üstünə qışqırdı:
− Siz nə edirsiniz? Bu nə vəhşilikdir!?
Billinq Kleytona sərt cavab qaytarmaq üçün ağzını açdı, amma nə düşündüsə, fikrindən vaz keçdi, mırıldana-mırıldana uzaqlaşdı. Görünür, qüdrətli nazirliyin səlahiyyətli nümayəndəsi ilə münasibətlərini birdəfəlik korlamaq istəmədi.
Göyərtədəki matroslar bir yerə yığışdılar və yaralını yerdən qaldırdılar. Yekəpər – yoldaşları onu “Qara Maykl” deyə çağırırdılar – lord Kleytona minnətdarlığını bildirdi. Səsi kobud, amma sözləri səmimi idi. Qara Maykl cavab gözləmədən yaralı ayağını sürüyə-sürüyə matrosların otağına tərəf getdi.
Bu əhvalatdan sonra lord Kleytonla arvadı bir neçə gün Qara Mayklı görmədilər. Kapitan isə onları danışdırmırdı, söz soruşanda da çox qısa və həvəssiz cavab verirdi. Zahirən gəmidə sakitlik hökm sürürdü, bununla belə, daxili gərginlik qalırdı və bu gərginliyin get-gedə artdığı hiss olunurdu. Qara Maykl yaralanan günün səhəri lord Kleyton göyərtədə əliqamçılı kapitan köməkçisinin nəzarəti altında dörd matrosun harayasa bir meyit apardıqlarını gördü, amma daha onların işinə qarışmamağı qərara aldı.
Bir dəfə günorta vaxtı Kleyton və ledi Əlis göyərtəyə hava almağa çıxmışdılar. Çalsaç matros gəminin misdən olan hissələrini təmizləyirdi. Kleytonun yanından keçəndə o, boğuq səslə dedi:
− Hamısının heyfini ondan çıxacağıq, sözüm yadınızda qalsın, hamısının.
− Nə demək istəyirsiniz?
− Görmürsünüz, gəmidə nələr baş verir? Bu əclaf kapitan köməkçiləri ilə birlikdə bütün komandanı şil-küt edəcək. Dünən ikisini, bu gün üçünü ölənədək döyüblər. Amma Qara Maykl artıq ayağa qalxır, baxarsınız, hamısının cəzasını verəcək.
− Olmaya qiyama hazırlaşırsınız?
− Qiyam? Nə qiyam? İntiqam!
− Nə vaxt?
− Tezliklə! Dəqiq vaxtını deməyəcəyəm, onsuz da ağzımdan çox söz qaçırdım. Siz yaxşı adamsınız, məni və Qara Mayklı xilas etdiniz, amma dilinizi saxlayın. Atəş səsləri eşidəndə kayutunuza gedin və otaqdan çıxmayın, yoxsa sizin üçün də pis olar.
Qoca matros aralanan kimi ledi Əlis astadan Kleytona dedi:
− Kapitanı xəbərdar etmək lazımdır, hələ faciənin qarşısını almaq olar.
− Əslində, düz deyirsən. Hərçənd öz təhlükəsizliyimizi təmin etmək naminə dilimizi saxlamalıyıq. Onda matroslar bizə toxunmazlar. Amma bilsələr ki, onları satmışam, bizə də rəhm etməzlər.
− Əzizim Con, sussaq, kapitanı hazırlanan sui-qəsd barədə xəbərdar etməsək, ikimiz də cinayətin iştirakçısı, onun ölümündə günahkar olacağıq.
− Mən yalnız səni fikirləşirəm, əzizim, − Kleyton etiraz etdi. – Kapitan özü günahkardır, cəzasını da çəkəcək. Mən onu xilas etmək üçün sənin həyatını təhlükəyə ata bilmərəm. Təsəvvür etmirsən, əgər “Fuvalda” bu başkəsənlərin əlinə keçsə, bizi hansı dəhşətlər gözləyə bilər.
− Biz borcumuzu yerinə yetirməliyik. Sonda dediyin kimi olsa, taleyini səninlə bölüşməyə hazıram. Ölüm rüsvayçılıqdan şərəflidir. Bir fikirləş, bu quldurlar kapitanı öldürsələr, sonra ömrün boyu vicdan əzabından xilas ola bilməyəcəksən.
− Yaxşı, sən deyən olsun, – Con Kleyton gülümsədi. – Odur, kapitan kayutuna tərəf gedir, indi eşitdiklərimizi ona çatdıraram. Hərçənd bu heyvərə ilə heç danışmaq istəmirəm.
Lord Kleyton kapitanın ardınca onun kayutuna girib qapını örtdü. Billinq lordu kobud qarşıladı:
– Nə var?
– Şahidi olduğum bir söhbəti sizə çatdırmalıyam. Mənə bəlli olub ki, gəmidə qiyam yetişir, qətl hazırlanır.
– Yalandır! – kapitan bağırdı. – Bir də burnunuzu özünüzə aid olmayan işlərə soxmağa, gəmidə nizam-intizamı pozmağa cəsarət etsəniz, məndən inciməyin. Lənət şeytana! Elə bilirsiniz, lord olduğunuza görə sizdən qorxacağam? Tüpürərəm sizin lordluğunuza da! Burada kapitan mənəm və işlərimə qarışmağa heç kimə icazə vermərəm!
Hirsindən ağlını itirmiş kapitan yumruğunu qəzəblə masaya çırpdı. Kleyton heç halını da pozmadı və soyuqqanlıqla Billinqin gözlərinin içinə baxdı.
– Həddən artıq açıq danışdığıma görə üzr istəyirəm, kapitan, amma, məncə, siz uzunqulaqsınız.
Bunu deyib Kleyton sakit addımlarla kayutdan çıxdı.
Onun sonuncu sözlərindən sonra daha kapitanla lordun arasında barış ola bilməzdi. Hətta gəmidə qiyam baş versə belə, bu iki şəxs arasında müttəfiqlik mümkün deyildi.
Arvadı Kleytonu göyərtədə gözləyirdi.
– Söhbətimiz alınmadı, Əlis. Kapitan quduz it kimi üstümə atıldı. Qoy matroslar onunla nə istəyirlər etsinlər. İndi biz öz qayğımıza qalmalıyıq və ancaq özümüzə güvənə bilərik. Tüfənglər yük yerində qalıb. Gedək kayutumuza, tapançalarımı götürüm.
Ər-arvad kayuta enəndə orada hər şeyin alt-üst edildiyini gördülər. Kimsə çantaların içini tökmüşdü, hətta çarpayı da sındırılmışdı. Heç nə itməmişdi, təkcə Kleytonun tapançaları yoxa çıxmışdı.
– Heyif, – Kleyton köks ötürdü. – İndiki məqamda bizim üçün qiymətli ola biləcək bircə şey var idi, onu da aparıblar. Daha şübhə yoxdur ki, matroslar, həqiqətən, qiyama hazırlaşırlar.
– Nə edək, Con? – Kleytondan fərqli olaraq arvadı çox həyəcanlı idi. – Bəlkə, ən yaxşısı bitərəf qalmaqdır? Kapitan qalib gəlsə, heç nədən qorxumuz yoxdur. Matroslar qalib gəlsə, ümid edirəm ki, onlara mane olmadığımızı görüb bizə toxunmayacaqlar.
– Yaxşı, Əlis.
Otağa səpələnmiş paltarları yığışdırmaq üçün əyiləndə Kleyton kiminsə qapının altından içəriyə bir kağız parçası soxduğunu gördü. Cəld qapını açıb onun arxasında gizlənmiş adamı tutmaq istədi. Əlis ərini saxladı:
– Lazım deyil, Con, – deyə pıçıldadı. – Axı biz razılaşdıq.
Kleyton qapının dəstəyini buraxıb yerdəki kağızı götürdü. Əyri-üyrü hərflər və səhvlər bu məktubu yazan adamın əldə qələm tutmağa öyrəşmədiyini göstərirdi. Məktubda Kleytondan səhərki söhbət və tapançaların itməsi barədə heç kimə məlumat verməmək tələb olunurdu və xəbərdarlıq edilirdi ki, əks halda onu da, arvadını da ölüm gözləyir.
Kleyton acı-acı güldü:
– Yaxşı, sözəbaxan olacağıq. Bizə ancaq sakitcə oturub işin nə ilə bitəcəyini gözləmək qalır.
II fəsil
Sığınacaq
Çox gözləmək lazım gəlmədi. Səhər göyərtədə güllə səsləri eşidildi. Kleyton yuxarı qalxanda matrosların kapitanı və dörd köməkçisini əhatəyə aldıqlarını gördü. Qiyamçılara Qara Maykl başçılıq edirdi.
Zabitlər atəş açdılar. Matroslar dağılışıb dor ağaclarının, kayutların arxasına girdilər və gizləndikləri yerlərdən güllə atmağa başladılar.
Kapitan sərrast atəşlə matroslardan ikisini yerə sərdi. Onun köməkçilərindən də biri büdrəyib yerə yıxıldı. Zabitlər silahlarını təzədən doldurana qədər Qara Maykl əlini qaldırıb “İrəli” komandası verdi və tapança, bıçaq, balta, külünglə silahlanmış matroslar sağ qalmış dörd zabitin üstünə atıldılar.
Güllə, söyüş, qışqırıq səsləri, yaralıların iniltisi bir-birinə qarışdı.
Hər şey çox tez bitdi. Nəhəng bir zənci balta ilə kapitanın başını paraladı. Sonuncu zabit də yerə yıxılanda Kleyton kayutda tək qalmış Əlisin yanına qayıtmaq üçün geri döndü. Ledi Kleyton arxasında dayanmışdı.
– Çoxdan burdasan, Əlis?
– Əvvəldən axıradək hamısını gördüm. Dəhşətdir, Con. Mən qorxuram. Bu vəhşilərin əlində bizim axırımız nə olacaq?
Lord Kleyton arvadını sakitləşdirmək üçün zarafata keçdi:
– Ümid edirəm ki, bizi səhər yeməyindən məhrum etməyəcəklər. Bu saat kəşfiyyata gedərəm. İstəyirsən, mənimlə gedək, Əlis. Onlardan qorxduğumuzu göstərməməliyik. Gedək!
Matroslar ölüləri və yaralıları dənizə atırdılar. Özlərinkilərə də rəhm etmirdilər. Yaxınlaşan Kleytonları görəndə qiyamçılardan biri baltasını qaldırdı:
– Bunları da balıqlara yem eləmək lazımdır…
Amma Qara Mayklın gülləsi onun sözünü ağzında qoydu. Sonra qiyamçıların başçısı üzünü qalan yoldaşlarına tutdu:
– Bu iki nəfər mənim dostlarımdır. Onlara toxunmayın. Başa düşdünüz? İndi kapitan mənəm və mənim sözüm sizin üçün qanun olmalıdır. Siz isə, – Maykl lorda müraciət etdi, – gözə görsənməsəniz yaxşıdır. Salamat olarsınız.
Kleytonlar yeni kapitanın göstərişinə dəqiq əməl edirdilər. Yeməklərini də kayutda yeyirdilər. Ara-sıra göyərtədən mübahisə edən adamların səsləri və silah şaqqıltısı eşidilirdi. Amma Qara Maykl hamını əlində saxlamağı bacarırdı.
Qiyamın beşinci günü növbətçi matros üfüqdə torpaq gördü. Ada, ya materik olduğu bilinmirdi. Maykl lord Kleytonu göyərtəyə çağırıb dedi:
– Sizi sahilə çıxarıb yükünüzlə birgə burada qoyacağıq. Bir müddət başınızı girləyərsiniz. Biz isə başqa əlverişli yer tapıb sahilə yan alacağıq və dağılışacağıq. Söz verirəm ki, öz təhlükəsizliyimi təmin edən kimi yerinizi hökumətə xəbər verəcəyəm. Dalınızca hərbi gəmi göndərərlər. Ümid edirəm ki, bizi satmayacaqsınız. Bundan artıq sizin üçün heç nə edə bilmərəm. Sahilə bizimlə birgə çıxsanız, görənlər şübhəyə düşərlər, lazımsız suallar verərlər.
Tanımadıqları bu yerlərdə Kleytonla arvadı ya vəhşi heyvanlara, ya da onlardan da vəhşi adamlara yem ola bilərdilər. Amma Qara Maykl lordun etirazlarını dinləmək də istəmədi.
Axşam “Fuvalda” kiçik, gözəl mənzərəli bir körfəzə daxil olub lövbər saldı.
Sahil qalın tropik yaşıllıqla örtülü idi. Uzaqda meşəli təpələr görünürdü. Körfəzə balaca bir çay da tökülürdü. Vəhşi heyvanların, quşların səsi qulaq batırırdı. Hava qaralandan sonra bu səslər adamı lap vahiməyə salırdı.
Lord Kleytonla Əlis gəminin məhəccərinə söykənib gözlərini qarşıdakı qaranlığa zilləmişdilər. Növbəti gecəni bu sahildə keçirməli olacaqlarını düşünəndə qadının bədəni əsdi və o, ərinə qısıldı.
Qara Maykl onlara yaxınlaşıb səhər gəmini tərk etməyə hazırlaşmağı tapşırdı. Nə ledi Əlisin yalvarışları, nə də lord Kleytonun yağlı mükafat vədləri Qara Mayklı fikrindən döndərdi.
– Başa düşün, bu gəmidə məndən başqa heç kim sizi sağ görmək istəmir. Əslində, mən də təhlükəsizliyimiz naminə sizin ölümünüzə fərman verməliyəm. Amma Qara Maykl yaxşılığı unutmur. Siz mənim həyatımı xilas etmisiniz, əvəzini qaytarmalıyam. Sabah sizi sahilə çıxarmasam, daha komandanın qarşısında dayana bilməyəcəyəm. Yükünüzü götürün, gərəyiniz olacaq alətlər, köhnə yelkənlər, ərzaq da verəcəyəm. Vəd etdiyim kimi, imkan tapanda yerinizi Britaniya hökumətinə deyəcəyəm.
Kleyton Qara Mayklın onun yerini britaniyalılara xəbər verəcəyinə inanmırdı. O hətta əmin də deyildi ki, qiyamçı matroslar onları sahildə sağ buraxacaqlar. Lap tutaq ki, bu təhlükədən sovuşdular. Bəs cəngəllikdə Kleytonu və arvadını gözləyən, heç təsəvvürlərinə belə gətirə bilmədikləri təhlükələr? Yenə tək olsaydı, uzun müddət tab gətirəcəyinə ümid edərdi, çünki gənc və güclü idi. Axı bətnində uşaq gəzdirən zərif qadın ibtidai həyat şəraitinin çətinliklərinə çox dözə bilməz!
Səhər lord Kleytonla Əlisi qayığa mindirdilər. Yüklərini isə başqa qayıqlara doldurdular. Kleytonların çantalarının, sandıqlarının sayı-hesabı yox idi. Con Afrikada 7–8 il qalacağını düşünürdü, buna görə də özü ilə çox şey aparırdı. Qara Maykl isə istəmirdi ki, Kleytonun nəyisə gəmidə qalsın: hansı limana yan alsa, gəmidə yoxa çıxmış britaniyalılara məxsus əşyaların olması şübhə doğura bilərdi. Hətta lordun tapançalarını da özünə qaytardılar.
Qayıqlara xeyli qaxac ət, quru çörək, kartof və paxla ehtiyatı, kibrit, mətbəx əşyaları, alətlər, köhnə yelkənlər qoydular.
Qara Maykl Kleytonları sahilə qədər özü ötürdü. Əmin olmaq istəyirdi ki, yoldaşları onlara xətər yetirməyəcəklər.
Lord Kleyton və arvadı qumlu sahildə dayanıb uzaqlaşan qayıqlara baxırdılar. İkisi də başa düşürdü ki, onları qarşıda ağır sınaqlar və ciddi məhrumiyyətlər gözləyir.
Bu vaxtsa onları meşənin dərinliyindəki təpənin üstündən qalın qaşlar altında parıldayan bir cüt qəzəbli göz izləyirdi.
“Fuvalda” gözdən itəndə ledi Əlis ərinin boynunu qucaqlayıb hönkürdü. O, qiyam zamanı özünü çox mərd aparmışdı, sonra da quldurların qarşısında qürurunu sındırmamışdı, amma indi daha göz yaşlarını saxlaya bilmirdi. Kleyton arvadını ovundurmağa çalışmadı: qoy ağlayıb içini boşaltsın.
– Ah, Con, indi biz nə edək? – deyə Əlis inildədi. – Nə edək?
Kleyton çox sakit tərzdə cavab verdi:
– Bizə bircə şey qalır: durmadan işləmək. Xilasımız bundadır. Fikirləşməyə vaxt qalmamalıdır, yoxsa dəli olarıq. İşləyə-işləyə gözləyəcəyik. Əminəm ki, Qara Maykl vədinə əməl etməsə də, nazirlikdə mənim yoxa çıxdığımı bilən kimi bizi axtarmağa başlayacaqlar və kömək göndərəcəklər.
– Axı söhbət təkcə bizim ikimizdən getmir…
Lord Kleyton Əlisin hamiləliyinə işarə etdiyini başa düşdü.
– Bilirəm, mən də bu barədə düşünmüşəm. Deyirsən, yüz min il əvvəl əcdadlarımızın öhdəsindən gəldiyi bir problemi də həll edə bilməyəcəyik? Onlar da bir vaxtlar eyni şəraitdə, bəlkə də, elə bu ibtidai meşələrdə yaşayıblar və qalib gəliblər. Qalib gəlməsəydilər, indi biz burada olmazdıq. Axı biz onlardan ağıllıyıq, savadlıyıq, qat-qat yaxşı silahlanmışıq.
– Ah, Con, mən də kişi olmaq istəyərdim. Onda, yəqin, sənin kimi düşünərdim. Amma düz deyirsən, Con, mən cəsur ibtidai icma kişisinin dözümlü ibtidai icma qadını adına layiq olmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Kleytonun ağlına ilk gələn o oldu ki, gecə özlərini vəhşi heyvanlardan qorumaq üçün ağacların başında müvəqqəti sığınacaq düzəltsin. Tüfəngini sandıqdan çıxarıb çiyninə keçirdi və sığınacaq üçün yer axtarmağa başladı.
Sahildən təxminən yüz metr aralı kiçik talada Kleyton bir-birindən eyni məsafədə dörd ağac seçdi, baltanı götürüb onların budaqlarını doğradı. Yerdən üç metr hündürlükdə yoğun budaqları kəndirlə ağacların gövdəsinə bağladı, arakəsmələr qoydu, qalın çubuqları onların üstünə düzdü. Dördkünc meydança alındı. Meydançanı enli qıjı yarpaqları ilə qalın döşədi, Qara Mayklın verdiyi yelkənlərdən birini qatlayıb yerə sərdi. Kleyton iki metr hündürlükdə daha bir meydança düzəltdi. İkinci yelkənlə yuxarıdakı meydançanın üstünü örtdü, yelkəni üç tərəfdən aşağı salladı. Beləliklə, komanın döşəməsi, damı və divarları hazır oldu. Axşama Kleyton ledi Əlis üçün pilləkən də düzəltdi. Yorğanları və yükün bir hissəsini komaya qaldırdı.
Bütün günü ala-bəzək quşlar onların ətrafında uçuşur, mahnı oxuyurdular. Nə qədər diqqətli olsalar da, iri heyvan gözlərinə dəymədi, bir-iki dəfə yanlarından balaca meymunlar qaçıb keçdilər. Meymunlar özlərinə ağacın başında yuva quran bu iki naməlum varlığa qorxa-qorxa baxırdılar.
Qaş qaralanda ər-arvad özləri ilə su götürüb komaya qalxdılar. Hava isti idi, Kleyton yelkənin bir yanını qaldırdı, türksayağı bardaş qurub yerdə oturdular. Gözlərini qaranlığa zillədilər. Birdən Əlis diksinib Kleytonun qolundan yapışdı:
– Con, o nədir? Adama oxşayır.
Kleyton Əlisin göstərdiyi səmtə baxdı. Uzaqda – təpənin başında bir siluet görünürdü. O, həqiqətən, ayaq üstə dayanmış adama bənzəyirdi.
– Bilmirəm, Əlis, ayırd etmək olmur. Bəlkə, sadəcə, ay işığının saldığı kölgədir?
– Yox, Con. Əgər adam deyilsə, çox əcaib, insanabənzər heyvandır. Mən qorxuram.
Kleyton arvadını qucaqlayıb sakitləşdirməyə çalışdı. Əlisin ruhi vəziyyəti indi onu hər şeydən çox narahat edirdi. Sonra qalxıb yelkəni aşağı saldı, ucunu bərk-bərk ağaca sarıdı. Otaq zülmətə qərq oldu. Uzandılar. Kleyton tüfəngi və tapançalarını yanına qoydu.
Cəngəllikdə ilk gecəni onlar çox pis yatdılar. Gah şirin nəriltisi, gah meymunların tükürpədici qışqırıqları hər beş-on dəqiqədən bir onları yuxudan dik atılmağa məcbur edirdi.
III fəsil
Olum və ölüm
Səhər yeməyindən sonra Kleyton dünəndən gözaltı etdiyi yerdə, meşənin kənarındakı düzənlikdə ev tikməyə başladı. Bunsuz özlərinin təhlükəsizliyini təmin edə və rahatlıq tapa bilməyəcəkdilər.
Kleyton indi başa düşdü ki, ev tikmək necə çətin iş imiş! Birotaqlı daxmanı qaldırmağa o, düz bir ay vaxt sərf etdi. Daxmanın divarlarını ucları yonulub iç-içə keçirilmiş tirlərdən qurdu. Tirlərin aralarını gillə doldurdu. Otağın bir başında sahildən yığdığı daşlardan soba tikdi. Axırda divarları, nazik budaqlardan hördüyü damı da gillə qalın suvadı. Vəhşi heyvanlar içəri girə bilməsinlər deyə pəncərəyə taxtadan yoğun qəfəs vurdu. Yeşik taxtalarından düzəltdiyi qapı yöndəmsiz və gülməli görünsə də, möhkəm və etibarlı idi. Ən çətini qapını asmaq üçün rəzə əvəzinə bir şey fikirləşib tapmaq oldu. İki gün əlləşdi, axır ki, ağacdan rəzə düzəltməyi də öyrəndi.
Çarpayı, kətil, masa, dolab düzəltmək nisbətən asan oldu. İkinci ayın sonunda lordla ledinin mebeli də vardı.
Gündüzlər bəzən vəhşi heyvanlar sahilə çıxır, gecələr cəngəllikdə hay-küy salırdılar. Amma onlar daha Kleytonları qorxutmurdular: bu səslərə artıq öyrəşmişdilər, həm də gizlənməyə yerləri var idi. Conla Əlisi daha çox üç dəfə uzaqdakı təpənin üstündə gördükləri insanabənzər məxluqlar narahat edirdi.
Bir dəfə axşamçağı Kleyton meşədə odun qırırdı: evdə otaqların sayını artırmaq istəyirdi. Qopan səs-küyə başını qaldıranda balaca dostlarının – meymunların qışqıra-qışqıra qaçdıqlarını gördü. Meymunlar Kleytonun yanından keçəndə ayaq saxlayır, öz dillərində nə isə deyir, sanki onu hansısa təhlükədən xəbərdar etmək istəyirdilər. Kleyton ətrafına boylandı. Tüklü, uzun əlləri yerə çatan nəhəng bir heyvan ayaq üstə ona tərəf gəlirdi. Bu, lordla arvadının hərdən təpənin üstündə gördükləri həmin insanabənzər məxluqlardan biri – qəzəbindən gah nərildəyən, gah da boğuq səslə hürən meymun-antropoid idi.
Kleyton gözünün ucu ilə daxmaya tərəf baxdı: silahını orada qoymuşdu. Burada yaşadığı aylarda bir dəfə də ciddi təhlükə ilə üzləşməmişdi, odur ki bəzən evdən çıxanda silah götürmək yadından çıxırdı. Qaçmaq mənasız idi: antropoid asanlıqla onun yolunu kəsə bilərdi. Bütün bədəni əsdi. Kleyton başa düşdü ki, əlindəki balta ilə bu bədheybətlə mübarizədən qalib çıxmaq şansı yoxdur. Ani olaraq Əlisi düşündü. “İlahi, bəs Əlis? Onun axırı necə olacaq?” Çox fikirləşməyə vaxt yox idi. Con baltasını qaldırıb daxmanın qarşısında oturmuş arvadını səslədi:
– Əlis, tez evə gir, qapını bağla.
Ledi Əlis səsə döndü və bir anlığa yerində quruyub qaldı. Artıq antropoid Kleytonun yolunu kəsmişdi. Əlis tələsik daxmaya girdi.
– Qapının cəftəsini bağla, mən bu vəhşi ilə özüm bacararam.
Nəhəng meymunun qəzəbli gözləri parıldadı, iti dişləri aralandı. O, hücuma hazırlaşırdı. Bu dəm Əlis əlində tüfəng evdən bayıra çıxdı. Ömrü boyu qorxusundan silaha yaxın getməyən Əlisi tüfənglə görəndə Kleytonun damarlarında qanı dondu.
– Geri! Allah xatirinə, geri…
Meymun lordun sözünü ağzında qoydu, Kleytonun üstünə atıldı və baltanı oyuncaq kimi dartıb onun əlindən aldı. Antropoid iti dişlərini artıq ölümü ilə barışmış lordun boğazına keçirməyə hazırlaşırdı ki, güllə səsi eşidildi.
Meymundan dəhşətli bir səs çıxdı. O, Kleytonu yerə çırpıb geri döndü. Qəzəbindən ağzı köpüklənən vəhşinin qarşısında qorxudan özünü itirmiş zərif bir məxluq dayanmışdı. Əlis əlləri əsə-əsə ikinci dəfə atəş açmağa çalışır, amma tüfəngin mexanizmindən baş aça bilmirdi. Meymunun üstünə gəldiyini görən qadın silahı buraxıb huşsuz halda yerə yıxıldı. Kleyton var qüvvəsini toplayıb ayağa qalxdı. Cəhdinin mənasız olduğunu belə düşünmədən vəhşinin çiyinlərindən yapışıb geri çəkdi. Meymun kəsilmiş ağac kimi arxası üstə yerə sərildi: güllə işini görmüşdü.
Kleyton arvadına tərəf qaçdı və qulağını onun sinəsinə dirədi. Şükür ki, Əlisin ürəyi döyünürdü. O, qadını qucağına alıb daxmaya apardı.
İki saatdan sonra Əlis gözünü açdı, ərini yanında görəndə gülümsədi. Onun ilk sözləri Kleytonun qəlbini parçaladı:
– Ah, Con, nə yaxşı ki, evimizdəyik. Təsəvvür edirsən, yuxuda görürdüm ki, Londonda yox, cəngəllikdəyik, vəhşi heyvanlar bizə hücum edir.
Həmin gecə ibtidai meşənin kənarındakı kiçik daxmada Britaniyanın ən adlı-sanlı və varlı zadəganlarından birinin – lord Qreystokun oğlu anadan oldu. Körpənin qışqırtısı cəngəllikdə nərə çəkən şirin səsinə qarışmışdı.
Ledi Qreystok keçirdiyi sarsıntıdan özünə gələ bilmədi. Uşaq doğulandan sonra o, bir il də yaşadı, amma daxmadan bayıra çıxmadı və axıradək elə bildi ki, Londondadır. Hərdən qulluqçuların hara getdiyini, dostlarının niyə daha onlara gəlmədiyini, gecələr niyə bayırdan dəhşətli səslər eşidildiyini soruşurdu, Kleyton həqiqəti ondan gizlətmirdi, amma Əlis ərinin sözlərini başa düşmürdü. Ledi Əlisin başqa hərəkətlərində, o cümlədən körpəsinə münasibətində heç bir qəribəlik hiss olunmurdu. O, uşağının qayğısına qalır, ana məhəbbətini ondan əsirgəmirdi. Sevdiyi insanların – ərinin və balaca oğlunun yanında özünü çox xoşbəxt hiss edirdi.
Hərdən Kleyton arvadının ətrafda baş verənləri anlamadığına hətta sevinirdi. Anlasa, düşdükləri vəziyyətin bütün ağırlığını dərk etsə idi, əlbəttə ki, Əlis belə xoşbəxt olmazdı.
Bu əhvalatdan sonra Kleyton tüfəngini əlindən yerə qoymurdu. Bir müddət daxmadan aralanmır, hətta ovu da çox vaxt evin pəncərəsindən edirdi. Hərdən meşəyə meyvə, ya su dalınca gedəndə təpənin başında Əlisin güllə ilə vurduğu antropoidə bənzər heyvanlar görürdü.
Con xilas olacaqlarına daha inanmırdı. Yalnız hansısa təsadüf onların dadına yetə bilərdi. Ona görə də daxmanı genişləndirir, divarları, pəncərəni bir az da möhkəmləndirirdi. Yerə heyvan dəriləri sərir, həyətdə güllər əkirdi. Qapıya taxtadan qıfıl da yonmuşdu.
Boş vaxtlarında isə lord Kleyton ya gündəlik yazır, ya da Əlisə İngiltərədən gətirdikləri kitabları oxuyurdu. Bu kitabların arasında romanlar, dərsliklər, hətta əlifba da var idi. Kleyton hər şeyə əvvəlcədən hazırlıq görmüşdü, Afrikada gələcək uşaqlarının təhsili barədə də düşünmüşdü.
Oğlunun bir yaşının tamamında axşam Əlis keçindi. Con səhərədək arvadının meyitinin yanından çəkilmir, beşikdə ağlayan körpəni təklikdə necə böyüdəcəyini fikirləşirdi.
Ertəsi gün Kleyton gündəliyə sonuncu qeydlərini etmək üçün qələmi əlinə aldı. Əlisin necə keçindiyindən, özünün bütün gecə onun başının üstündə oturduğundan, ağrılı hislərindən yazdı və axıra bir cümlə əlavə etdi:
– Bizim balaca oğlumuz ağlayır, yemək istəyir. Ah, Əlis, Əlis, mən nə edim?
Lord Kleyton yuxusuz, üzüntülü gecədən sonra bir hovur dincini almaq istədi, başını əllərinin üstünə qoydu və gözlərini yumdu.
IV fəsil
Meymunlar
İnsanabənzər meymunlar qəbiləsinin başçısı, qoca Kerçak qəzəbindən çatlayır, oyan-buyana qaçışan antropoidlərdən əlinə keçəni parçalamaq istəyirdi. Qəbilə üzvləri bilirdilər ki, Kerçak qeyzlənəndə onun gözünə görünməmək lazımdır.
Cavan və cəld meymunlar nəhəng ağacların lap başına dırmaşmışdılar. Nazik budaqlar onların ağırlığı altında yellənirdi. Budaq qırılsa, yıxılıb qol-qabırğalarını sındıracaqdılar. Amma ağlı başından çıxmış Kerçakın çənginə keçmək indi meymunlar üçün daha böyük təhlükə idi. Artıq Kerçak köpüklü iri dişləri ilə antropoidlərdən birinin onurğasını ikiyə bölmüşdü.
Bu an ağır dişi antropoid hündür budaqdan qopub düz Kerçakın ayaqları altına düşdü. Kerçak ona özünə gəlməyə imkan vermədən yazığın üstünə atıldı, böyründən yekə bir tikə ət qopardı, sonra isə budağı götürüb beyni dağılanadək meymunun başına-başına döyəclədi. Yenə hirsi soyumadı.
Birdən Kerçakın qızmış gözləri balasını boynuna mindirib gizlənməyə yer axtaran Kalaya sataşdı. Kerçak dişi meymunun dalınca cumdu və tullanıb ayağından yapışdı. Kala var gücü ilə dartındı, Kerçakın əlindən çıxdı, görünməmiş cəldliklə ağacın başına dırmaşdı. Amma sonuncu sıçrayışda boynundakı balası müvazinətini saxlaya bilmədi, zirvədən yuvarlanıb zərblə yerə dəydi.
Kerçak Kalanın yadından çıxdı. O, eyni cəldliklə ağacdan düşüb balasının cansız bədənini bərk-bərk sinəsinə sıxdı və yırğalamağa başladı.
Nəhayət, bu qurban meymun qəbiləsinin şahının hirsini soyutdu. O, birdən-birə qızışdığı kimi, birdən-birə də sakitləşdi və Kaladan aralandı.
Kerçak, həqiqətən, nəhəng və çox güclü meymun idi, çəkisi 150 kiloqramdan artıq olardı. Dar alnı, qan sızmış gözləri, enli burnu, yekə qulaqları vardı, qəddarlıqda tayı-bərabəri yoxdu. Nəinki iyirmi il əvvəl doğulduğu bu qəbilədə, bütün meşədə heç bir meymun Kerçakın qarşısına çıxa bilməzdi.
Cəngəllikdəki heyvanlardan yalnız qoca fil Tantor ondan qorxmurdu. Filin səsi gələndə başqa meymunlar kimi Kerçak da ağaca dırmaşır, budaqların arasında gözəgörünməz olmağa çalışırdı.
Kerçakın başçılıq etdiyi antropoidlər qəbiləsi cəmi altı-səkkiz ailəni, yəni altmış-yetmiş meymunu birləşdirirdi. Kala Tublat adlı meymunun kiçik arvadı idi. Gözləri qarşısında can verən körpə onun ilki idi, özünün isə cəmi 9–10 yaşı olardı. Kala enli, yumru alnına, ümumiyyətlə isə həm ağlına, həm də cəldliyinə görə qəbilənin bütün dişi meymunlarından seçilirdi.
Kerçakın qəzəbi yatdıqdan və ara sakitləşdikdən sonra meymunlar ağaclardan düşdülər. Kerçak qəbiləni başına toplayıb hamıya ardınca gəlməyi əmr etdi və dəniz sahilinə üz tutdu. Onun nə istədiyini, qəbiləni hara apardığını heç kim bilmirdi, amma başçılarını yenidən qəzəbləndirməmək üçün antropoidlər bunu Kerçakdan soruşmağa cürət etmirdilər. Kala isə balasının cəsədini yerə qoymur, özü ilə daşıyırdı.
Günortadan sonra meymunlar bir təpənin üstünə çıxdılar. Buradan sahildəki balaca daxma aydın görünürdü. Kerçak qəbiləni ora aparırdı.
Nəhəng antropoid dəfələrlə görmüşdü ki, daxmada yaşayan ağ meymun uzun, qara dəyənəyini kimə tuşlasa, o, dərhal ağzı üstə yıxılıb canını tapşırırdı. Kerçak çoxdan dişlərini nifrət etdiyi bu düşmənin boğazına keçirmək, nəyin bahasına olursa-olsun, onun dəyənəyinə yiyələnmək istəyirdi.
Ağ meymun gözə dəymirdi. Daxmanın qapısı açıq idi. Düşməni duyuq salmamaq və qara dəyənəyi oyatmamaq üçün antropoidlər astaca, addım-addım daxmaya yaxınlaşdılar. Qabaqda Kerçak özü gedirdi. Arxasınca iki erkək antropoid və ölü körpəsini sinəsinə sıxmış Kala gəlirdi. Qapıya çatanda Kerçak dayandı. Səs-səmir yox idi. Kerçak ehtiyatla başını soxub içəri baxdı, sonra otağa girdi. Antropoidlər başçılarının arxasınca daxmaya doluşdular.
Ağ meymun masanın arxasında başını əllərinin üstünə qoyub yatmışdı. Çarpayıda boz parçaya bürünmüş uzun bir şey var idi. Beşikdə nəsə qımıldanırdı.
Heyvanlar səssiz yeriməyi bacarırlar. Amma bir neçə antropoidin darısqal bir otaqda itələşmədən hərəkət etməsi mümkün deyil. Ağ meymun səsə oyandı və sifətində dəhşət ifadəsi yerindən dik atıldı. Kerçak ona divardan asılmış qara dəyənəyi götürməyə imkan vermədi. Sıçramağı ilə dişlərini rəqibinin boğazına keçirməyi bir oldu.
Lord Qreystoku öldürəndən sonra Kerçakın diqqətini beşikdəki uşaq cəlb etdi. O, ağlamağa başlamışdı. Kala Kerçakın niyyətini başa düşdü. Qucağındakı ölü körpəni beşiyə tulladı, uşağı qapdı və ildırım sürəti ilə otaqdan çıxdı, özünü meşəyə yetirib ağaca dırmaşdı.
Ağlayan uşaq səsi Kalanın artıq sönməkdə olan analıq hissini yenidən qığılcımlandırmışdı. O bu balaca ət parçasını sinəsinə sıxdı. Ağzı ana döşünə dəyən körpənin dərhal səsi kəsildi.
Özgə vaxt olsa idi, Kerçak həyasızlıq etdiyinə görə Kalanı tutub cəzalandırmaq üçün dişi meymunun dalınca qaçardı. Amma indi onu başqa şey maraqlandırırdı. Kerçak çoxdan arzusunda olduğu qara dəyənəyin qarşısında dayanıb heyrət və qorxu içində bu qəribə alətə baxırdı. O, gözünü tüfəngdən çəkmədən otaqda var-gəl etməyə başladı. Sonra yenə dayandı. Bir neçə dəfə əlini qara dəyənəyə sarı uzadıb tez də geri çəkdi. Nəhayət, dəyənəyin öz-özünə alov saçmadığını başa düşdü. Cəsarətləndi, tüfəngi divardan götürüb o üz-bu üzünü çevirdi. Lüləsinə, nişangahına baxdı, kəmərindən dartdı, barmağını tətiyinə toxundurdu. Qəflətən açılan atəş səsindən qulaq tutuldu. Başları indiyədək görmədikləri əşyaları əlləşdirməyə qarışmış meymunlar çığırışdılar və bayıra atıldılar.
Kerçak elə qorxmuşdu ki, tüfəng əlində yerindən götürülmüşdü. O, otaqdan çıxanda silahın qundağı qapıya ilişdi. Qapı zərblə çırpıldı. Kerçak yalnız daxmadan xeyli aralanandan sonra nəfəsini dərmək üçün ayaq saxladı və qara dəyənəyin hələ də əlində olduğunu gördü. Onu tələsik yerə atdı, sanki ovcuna qızmış dəmir basmışdılar.
Antropoidlər yalnız bir saatdan sonra özlərinə gəlib yenidən daxmanın ətrafına yığışdılar. Amma qapını bağlı gördülər. Nə qədər əlləşsələr də, onu aça bilmədilər. Axırda Kerçak bezib dəstəyə geri qayıtmaq əmri verdi.
Kala yolun bir hissəsini ağaclardan düşmədi, xeyli getdikdən sonra Kerçakın daha onunla və qucağındakı köprə ilə işi olmadığını başa düşüb aşağı endi, başqa meymunlara qoşuldu. Amma yolun sonunadək heç kimi uşağa yaxınlaşmağa qoymadı.
Dişi antropoidlər balalarını dallarına alıb gedirdilər. Balaca meymunlar uzun qollarını analarının boyunlarına dolamışdılar. Təkcə Kala körpəsini sinəsindən aralamırdı. Belə yerimək, budaqdan yapışıb ağacdan-ağaca tullanmaq çox narahat idi, amma səhər balasının boynundan sürüşüb yerə dəyməsi Kalanın yadından çıxmırdı.
İngilis lordunun yeganə övladının meymun qəbiləsində həyatı belə başlandı.
V fəsil
Ağ meymun
Kala öz körpəsini vaxtlı-vaxtında yedizdirir, korluq çəkməyə qoymurdu və uşağın niyə belə zəif inkişaf etdiyinə təəccüblənirdi. Onun yaşıdları ağaclara dırmaşanda Kalanın oğlu hələ yeriməyi təzə öyrənirdi. Başqa meymun balalarından fərqli olaraq o heç nə bacarmırdı, hətta özünə yemək tapmağı da öyrənməmişdi.
Kalanın ağ meymun balasını daxmadan götürdüyü vaxtdan 20 ay keçmişdi. Əgər antropoid bilsəydi ki, həmin vaxt o artıq bir yaşını haqlamışdı, yəqin ki, bu uşaqdan birdəfəlik ümidini üzərdi.
Tublat ağ meymun balasına nifrət edirdi, əlinə imkan düşsəydi, onun başını bədənindən ayırardı.
– Kala, o heç vaxt böyüməyəcək. Onu ömrün boyu özünlə gəzdirəcəksən? Ondan bizə nə xeyir gələcək? At getsin. Bizə güclü, qocalanda qayğımıza qala biləcək övlad gərəkdir.
– Yox, Tublat, ömrüm boyu özümlə gəzdirməli olsam da, atmayacağam!
Onda Tublat Kerçakın yanına şikayətə getdi, istədi ki, qəbilə başçısı arvadını bu “tar-zan”dan əl çəkməyə məcbur etsin. “Tar-zan” meymunların dilində “ağ dəri” demək idi. Balaca lordun adı belə qoyuldu.
Kerçak Kalanı söhbətə çağırdı. Kala meymunların şahına dedi ki, onu və balasını rahat buraxmasalar, qaçıb qəbilədən gedəcək. Bununla da Kerçak söhbətə son qoydu. Meymunların şahı belə gözəl, ağıllı və güclü bir qəbilə üzvünü itirmək istəmirdi.
İllər keçir, Tarzan böyüyürdü. On yaşında o artıq cəldliyinə görə dostlarından seçilmirdi, başqa meymunlarla bəhsə-bəhs ağaca dırmaşırdı, yerdə isə hamını ötürdü. Düzdür, boyu yaşıdlarından balaca, gücü nisbətən az idi. Onyaşlı insanabənzər meymunun boyu böyük adamın boyuna çatır, Tarzan isə hələ uşaq idi. Amma ağlı və fərasəti ilə hamını qat-qat üstələyirdi.
Tarzan xoşbəxt və qayğısız həyat sürürdü. Kala heç kimi onu incitməyə qoymurdu. Bununla belə, bəzən Tarzan başqa meymunların yanında dərisinin ağlığından və tüksüzlüyündən utanırdı. Hətta bir dəfə bütün bədənini başdan-ayağa palçıqlamışdı da. Amma gün vuran kimi palçıq quruyub yerə töküldü.
Tarzan suda öz əksini görəndə eybəcərliyindən dəhşətə gəlirdi: meymunların hamısının dodaqları uzun, ağızları yekə, dişləri böyükdür, onunsa dodaqları da, ağzı da, dişləri də balacadır; bütün dostlarının enli, sifətlərinin yarısı boyda burunları var, onunsa ağlığı və tüksüzlüyü azmış kimi, burnu da xırda və düzdür! Bəs gözləri? Qara dairənin ortasında boz ləkə, bütün ətrafı isə ağappaq! Heç ilan Histanın da belə ürəkbulandıran gözləri yoxdur!
Bir dəfə quraqlıq vaxtı Tarzan yenə göldə əksinə baxıb öz halına acıyır, yanındakı dostu isə ağzını marçıldada-marçıldada ləzzətlə su içirdi. Marçıltı səsindən arxadan yarpaqların xışıltısı eşidilmirdi. Nəhəng dişi şir – meymunların qənimi Sabor az qala yerə yatıb asta-asta onlara tərəf sürünürdü. Aralarındakı məsafə üç metrədək qısalanda Sabor dayandı. Arxa ayaqlarını yavaş-yavaş altına yığdı, bütün əzələləri gərildi, quyruğu tir kimi dik durdu. Bir anlıq şir bu vəziyyətdə donub-qaldı və qəflətən nərə çəkib yerindən sıçradı.
Sabor təcrübəli ovçu idi. Qulağının dibində guruldayan nərə səsi balaca antropoidi vahiməyə salmış, iflic etmişdi. Sabor pəncəsinin bir zərbəsi ilə onu yerə sərdi və ağ meymuna tərəf döndü. Amma Tarzan insan övladı idi. Şirin vahiməli nərəsi nəinki onu iflic etməmiş, əksinə, bütün əzələlərini və beyninin sinirlərini tarıma çəkmişdi. Tarzan başa düşürdü ki, şirə müqavimət göstərməyə gücü çatmayacaq, ancaq hara qaçaydı? Sabor ona sağa-sola bir addım belə atmağa imkan verməyəcəkdi. Arxa isə göl idi. Tarzan sudan qorxurdu, ona yalnız yanğısını söndürmək üçün yaxınlaşırdı. Anası Tarzana heç vaxt gölə girməməyi tapşırmışdı. Həm də dostu Pitanın gölə düşüb necə boğulduğunu bir neçə həftə əvvəl o öz gözləri ilə görmüşdü.
Sabor ağ meymuna başqa çıxış yolu qoymamışdı. Tarzan ani qərar qəbul etdi və özünü suya atdı.
O, üzə bilmirdi, gölsə dərin idi. Tarzan dərhal suyun dibinə getdi, amma çapalayıb üzə çıxdı. Sonra yenə batdı. Yenə çıxdı. Nəhayət, başa düşdü ki, suyun üzündə qalmaq üçün nə etmək lazımdır. İt kimi üzməyə başladı. Sabor sahildən çəkilmir, ağ meymunun sudan çıxmasını gözləyirdi. Tarzan qəbiləsini köməyə çağırmaq üçün qıyya çəkdi. Meymunlar dərhal bu çağırışa meşədən hay verdilər. Hamıdan bərk Kalanın qışqırığı eşidilirdi: o, balasını səsindən tanımışdı. Sabor bütün qəbilə ilə vuruşmaq fikrində deyildi, ona görə son dəfə nərə çəkib özünü kolluğa vurdu.
Şir gedəndən sonra Tarzan sahilə çıxdı. Üzməyin ləzzəti və Sabor kimi təhlükəli düşmənlə “qaçdı-tutdu” oyunu uzun müddət onun yadından çıxmadı. Belə macəralar olmadan isə həyat çox yeknəsəq keçərdi.
Bu əhvalatdan sonra Kala daha Tarzanı gözdən qoymurdu, gecələr də qucağında yatızdırırdı. Sözə baxmayanda bir-iki dəfə balasını yüngülcə şapalaqlamışdı da, amma həmişə onu nəvazişlə yola gətirməyə çalışırdı. Nəhəng vəhşi heç özünə oxşamayan, eybəcər oğlunu dərin məhəbbətlə sevirdi. Tarzan anasına eyni məhəbbətlə cavab verirdi.
Tublatın isə Kalanı ondan tamamilə soyutmuş bu yad uşağa nifrəti getdikcə artırdı. Əslində, Tarzanın da qoca meymundan zəhləsi gedirdi, atalığının kefinə soğan doğramaq üçün heç bir fürsəti əldən vermirdi.
Hələ lap balaca vaxtı Tarzan nazik, uzun otlardan kəndir hörməyi öyrənmişdi, onunla oynamağı xoşlayırdı. Bir dəfə Tarzan kəndirini qovaladığı dəcəl meymunun dalınca atdı. Yoğun ipin ucu təsadüfən meymunun boğazına dolandı və dartıb onu ağacdan yerə saldı. Bu, Tarzanın xoşuna gəldi. O başa düşdü ki, hördüyü kəndirdən silah kimi istifadə edə bilər. Bir az da əlləşib kəndirin ucuna ilgək vurmağı öyrəndi. Beləliklə, əsl kəmənd düzəltdi.
Həmin gündən Tublatın günü qara oldu. Ağaca söykənib gözünü yuman kimi Tarzan onun boğazına kəmənd keçirib boğmağa başlayırdı. Kalanın tənbehləri, Tublatın hədələri vecinə deyildi. Başqa meymunlara isə Tarzanın bu əməlləri ləzzət edirdi. Həmişə qaşqabaqlı, deyingən Tublatdan heç kimin xoşu gəlmirdi.
Axırda Tarzanın əl-ayağını yığışdırmaq üçün Kerçak özü işə qarışası oldu.
Bundan sonra Tarzan yeni həvəsə düşdü: əgər o, təzə oyuncağının köməyi ilə özündən qat-qat güclü meymunları ram edə bilirsə, nədən Saboru əsir götürməyə cəhd göstərməsin?
VI fəsil
Cəngəllikdə döyüş
Hərdən meymunların yolu dəniz sahilindəki daxmanın yanından düşürdü, amma alovsaçan qara dəyənəyi unutmadıqları üçün onlar evdən aralı keçirdilər. Tarzan isə Kaladan və dostlarından gizlin tez-tez bura gəlirdi. Daxmanın başına dolanır, dama çıxır, əlini pəncərə qəfəsinin taxta milləri arasından soxub pərdəni aralamağa çalışır, içəri girmək üçün yer axtarırdı. Bu ağzıbağlı böyük qutu Tarzan üçün sonsuz maraq mənbəyi idi. Uşaq onun içində nə gizlədildiyini bilmək istəyir, xəyalında ən fastastik səhnələr cızırdı. Əlbəttə, Tarzan məhz bu yerdə anadan olduğundan xəbərsizdi. Kala demişdi ki, onun atası qəribə ağ meymun olub, amma başqa qadından, hansı şəraitdə doğulduğunu uşaq bilmirdi.
Bir gün Tarzan qapının dördkünc çərçivəsinə diqqət yetirdi və başa düşdü ki, o, divardan ayrıdır. Xeyli qapının dəstəyini, qıfıl yerini əlləşdirdi, axır ki, onu açmağın yolunu tapdı.
Tarzan sehrlənmiş kimi uzun müddət yerindən tərpənmədi, nəhayət, gözləri otağın qaranlığına alışdı və o, qorxa-qorxa içəri girib heyrətlə ətrafına baxdı.
Yerdə, çarpayının üstündə və beşiyin içində üç skelet var idi. Tarzan onlara əhəmiyyət vermədi. Cəngəllikdə belə sür-sümüklərdən çox görmüşdü. Əvvəl daxmadakı qəribə əşyaları, kitabları, silahları, paltarları gözdən keçirdi. Bəzi şeylər zamanın təsirindən və nəmişlikdən çürümüşdü, əl vuran kimi ovxalanıb tökülürdü. Sonra Tarzan dolabın siyirmələrini açdı, içini eşələdi. Buradakı əşyalar daha yaxşı vəziyyətdə qalmışdı. Əlinə bir ov bıçağı keçdi. Parıltısından xoşu gəldi. Bıçağın iti ucu ilə barmağını yaraladı, bir az onunla oynayandan sonra kənara qoydu və axtarışı davam etdirdi. Rəfdən şəkilli bir kitab götürdü. Bu, tanımadığı atasının İngiltərədən gələcək övladı üçün gətirdiyi əlifba idi.
Tarzan kitabdakı işarələrə, rəsmlərə baxır, heç nə başa düşmürdü. Gəmilər, qatarlar, atlar, inəklər ona maraqlı gəlmirdi – bunların nə olduğunu bilmirdi. Səhifələrin çoxunda özü kimi ağ meymunların şəkilləri vardı. “M” hərfi yazılan səhifədə isə dostlarının rəsmini görüb sevindi. Əlini atıb onlara toxunmaq istədi, amma gerçək olmadıqlarını başa düşdü. Başqa bir səhifədə Tarzan köhnə düşməni Saboru tapdı.
Necə də maraqlı idi! Onyaşlı Tarzan ömründə belə şey görməmişdi. Başı kitaba elə qarışmışdı ki, havanın necə qaraldığına fikir verməmişdi.
Daha qaranlıqda şəkilləri aydın görmək olmurdu. Tarzan kitabı yerinə qoydu. Bıçağı dostlarına göstərmək üçün özü ilə götürüb otağın qapısını örtdü. İstəmirdi ki, kimsə daxmanın sirrini bilib bu xəzinəni talan etsin. Meşəyə tərəf qaçdı.
Tarzan cəngəlliyə girən kimi kolluqda tərpəniş hiss etdi. Oradan nəhəng bir heyvan çıxıb ağ meymunun yolunu kəsdi. Bu, qorilla Bolqani idi. Səhərdən meşədə özünə yemək axtaran, amma gün ərzində əlinə bir şey keçməyən ac Bolqani qəzəblə Tarzana baxırdı. Qaçmağa imkan yox idi. Tarzan başa düşdü ki, həyatını xilas etmək üçün vuruşmalı olacaq. Odur ki Bolqani nərildəyə-nərildəyə onun üstünə cumub qollarının arasına salanda Tarzan da özünü müdafiə etmək üçün xırda yumruqları ilə qorillanın sinəsini döyəcləməyə başladı. Əlindəki bıçağın ucu Bolqaninin tüklü sinəsini deşdi. Qorillanın tükürpədici fəryadı cəngəlliyi başına götürdü.
Əgər Bolqaninin qarşısına Tarzan deyil, insanabənzər meymunlar qəbiləsinin onyaşlı başqa üzvü çıxsaydı, onlar bir-birinə layiqli rəqib olardılar. İngilis lordunun balaca oğlu isə öz yaşına görə nə qədər güclü olsa da, Bolqaninin yanında sısqa görünürdü. Ona görə də Tarzanın cəsarəti qorillanı lap özündən çıxardı. Bolqani iri yumruqları ilə uşağın başına ağır zərbələr endirir, caynaqları ilə onun bədənindən parça-parça ət qoparırdı. Bıçağın sirrini öyrənmiş Tarzan isə dalbadal qorillanın qollarından, qarnından vururdu. Bir neçə dəfə bıçaq dəstəyinə qədər Bolqaninin sinəsinə girdi. Amma Tarzan get-gedə yorulur, haldan düşürdü. Nəhayət, ağ meymun huşunu itirib otların üstünə diyirləndi…
Bolqaninin fəryadı meşəni bir-birinə vurmuşdu. Kerçak dərhal qəbiləni başına yığdı. Bu, hücum deyil, müdafiə tədbiri idi. Qorilla tək olmaya bilərdi.
Balasını dəstədə tapmayan və heç kimin onun köməyinə getməyə hazırlaşmadığını görən Kala özü təkcə səs gələn tərəfə qaçdı. O, budaqdan-budağa atıla-atıla ağacların arası ilə uçurdu. Kala cəngəlliyi çox yaxşı tanıyırdı, zəngin təcrübə və ana ürəyi isə ona səsin gəldiyi yeri dəqiq nişan verirdi. Çox keçməmiş Kala döyüş yerinə çatdı və ay işığında otluqda uzanmış Tarzanı gördü. Tarzan qan içində idi, nəfəs alıb-almadığı bilinmirdi. Yanında nəhəng qorillanın cəsədi sərilib qalmışdı.
Onun balaca Tarzanı bu yekəpər vəhşinin öhdəsindən necə gələ bilərdi? Heç nə başa düşməyən Kala Tarzanı ehmalca qaldırıb bağrına basdı, onun ürəyinin zəif döyüntüsünü hiss etdi. Balasının əzablarını artırmasın deyə gəldiyi yolla yavaş-yavaş geri qayıtdı.
Gecə-gündüz Kala oğlunun yanından aralanmırdı. İlk vaxtlar Tarzan heç nə yemirdi, yalnız su istəyirdi. Kala ağzında balasına su gətirir, milçəklərini qovur, yaralarının çirk verməməsi üçün onları yalayırdı.
Tarzanın sinəsi parçalanmış, üç qabırğası sınmış, bir qolunun əti sümüyə qədər qoparılmışdı. Boynunda elə dəhşətli yara var idi ki, damarı görünürdü. Ölümlə həyat arasında bu çətin mübarizədən ana qalib çıxdı. Bir neçə həftədən sonra Tarzanın qızdırması düşdü, yaraları qartmaq bağladı, yavaş-yavaş sağalmağa başladı.
Tarzan ağrılara böyük mərdliklə dözürdü. Bu müddət ərzində heç kim bir dəfə də onun iniltisini, ya şikayətini eşitmədi.
Kala harada yemək tapsa, Tarzana gətirirdi, özü isə əriyib çöpə dönmüşdü.
VII fəsil
Elmin nuru
Nəhayət, Tarzana sonsuzluq kimi görünən bir neçə çətin ay keçdi və o, yataqdan qalxıb yeriməyə başladı.
Tezliklə Tarzan əvvəlki sağlamlığını tamamilə bərpa etdi və ilk növbədə bıçağını axtarmağa getdi. Bu balaca dəmir parçasındakı sehrli qüvvə Tarzanı özündən qat-qat güclü düşməndən xilas etmişdi. Tarzan silahını qorillanın cəngəllik heyvanları tərəfindən tər-təmiz gəmirilmiş sümüklərinin yanında, saralmış yarpaqların altında tapdı. Bıçaq daha parıldamırdı, nəm torpaqda çox qaldığından paslanmışdı. Bu, Tarzanı məyus etdi.
Sonra o, çoxdan bəri həsrətində olduğu daxmaya baş çəkdi. Əvvəlcə cəftənin və qıfılın mexanizmi ilə maraqlandı. Qapını dəfələrlə açıb-örtdü. Gördü ki, onu içəridən də bağlamaq olur. Belə də etdi. Rəfdən əlifba kitabını tapıb açdı. Tarzanın diqqətini şəkillər daha çox cəlb edirdi, amma yazılara da baxıb düşünürdü ki, görəsən, bu cücüyə bənzəyən qara şeylər nədir?
Səhifələrdən birində yenə özünə oxşayan ağ meymuna rast gəldi. Əllərindən və üzündən savayı, bu meymunun bütün bədəni rəngli tüklərlə örtülmüşdü. Tarzan geyimi dərini örtmüş tükə oxşadırdı. Rəsmin altında beş cücü şəkli də çəkilmişdi: “O-Ğ-L-A-N”.
Başqa səhifədə Tarzan yenə həmin meymunu, yanında da dördayaqlı qəribə heyvan gördü. Bu dəfə cücülərin sayı çox idi: “O-Ğ-L-A-N V-Ə İ-T”.
Bü cücülərin mənası nədir? Niyə onlar eyni şəkillərin altında eyni ardıcıllıqla təkrar olunur? Bəs niyə bəzi cücülər bir-birinə bənzəyir, digərləri fərqlənir? Suallar Tarzana çox qəliz görünürdü.
Rəsmləri və altındakı yazıları tutuşdura-tutuşdura cücülərin mənasını dərk etmək üçün ona illər lazım oldu. On beş yaşına çatanda Tarzan artıq hərfləri tanıyırdı, onların kombinasiyalarını, kitablardakı sözlərin nə ifadə etdiyini bilirdi.
On iki yaşı olanda Tarzan daxmadakı yeşiklərdən birində rəngli qələmlər tapmışdı. Qələmlərin ucları hara toxunurdusa, izi qalırdı. Bu, Tarzana yeni ideya verdi. Amma qələmi düzgün tutmağa alışmaq, kitaba baxıb hərfləri yazmağı öyrənmək də çox vaxt apardı. Cücülərin şəklini çəkə-çəkə onların sayını da bildi.
Beləliklə, Tarzan yavaş-yavaş əlifbanı əzbərlədi, oxuduğu sözlərin mənasını başa düşməyə başladı, yazmağı öyrəndi, meymun dostlarından fərqli irqə mənsub olduğunu anladı və daha tüksüzlüyündən, dərisinin rəngingən utanmadı.
On yeddi yaşında Tarzan artıq bilirdi: o – “OĞLAN”, dostları – “MEYMUN”, Sabor – “ŞİR”, Hista – “İLAN”, Tantor isə “FİL”dir. Aradakı fərqi dərk etdikdən sonra Tarzanın təhsil sahəsində uğurları xeyli sürətləndi. Əlifbanı bitirib lüğətlərə keçdi. Uzun müddət daxmaya gələ bilməyəndə də o, “dərsindən” qalmırdı: ağac qabıqlarının, daşların, qumun üstündə bıçağı ilə hərflər, sözlər cızırdı.
Tarzanın təkcə əqli deyil, fiziki inkişafı da sürətlə gedirdi. Artıq o, iricüssəli, möhkəm əzələli yetkin gəncə çevrilmişdi. Qaçan hədəfləri uzaqdan kəməndinə salmağa, bıçaqla vurmağa öyrəşmişdi. Bu bacarıqlar dəfələrlə meşədə vəhşi heyvanlarla üzləşəndə, hətta bəzi qəbilə üzvləri ilə mübahisələrində onun dadına çatmışdı. Tarzan fərqli irqə mənsub olduğunu daha dərindən anladıqca keçmiş dostları ilə arası soyuyurdu. İndi o, Kaladan savayı, Kerçakın qəbiləsində heç kimlə yaxınlıq etmirdi. Tublatın Tarzana nifrəti isə son həddə çatmışdı. Tublat yaxşı başa düşürdü ki, bir az da keçsə, artıq Tarzana gücü çatmayacaq. Ona görə də ağ meymunu məhv etməyə girəvə axtarırdı.
Axır ki, Tublatın əlinə belə bir imkan düşdü.
Meymunlar Dum-Dum törəni qurmuşdular. Belə mərasimlər nadir hallarda, məsələn, qəbiləyə yeni başçı seçiləndə keçirilirdi. Bu dəfə antropoidlər onları uzun müddət qorxu altında saxlayan qorilla qəbiləsinin başçısı üzərində Kerçakın möhtəşəm qələbəsini qeyd etməyə yığışmışdılar.
Meymunlar təpələrin arasındakı amfiteatra bənzər açıq sahəyə toplaşmışdılar. Amfiteatr iri, çoxəsrlik ağacların əhatəsində idi, ortada gildən düzəldilmiş böyük təbil vardı. Qonşu qəbilənin başçısının cəsədi təbilin yanında uzadılmışdı. İki erkək meymun ölü durub qaçacaqmış kimi onun keşiyini çəkirdi, qalanlar otluqda uzanıb mürgü vurur, ayın çıxmasını gözləyirdilər.
Hava qaralanda meymunlar hərəkətə gəldilər, təbilin ətrafında düzüldülər. Öndə erkək antropoidlər, arxada dişilər və uşaqlar əyləşdilər. Üç qoca meymun yoğun ağac götürüb təbilə yaxınlaşdı. Ay göydə görünən kimi onlar təbili yavaş-yavaş döyəcləməyə başladılar. Ay qalxdıqca təbil səsləri güclənirdi. Nəhayət, gurultudan qulaq tutulanda Kerçak ortaya atıldı, üzünü aya tutub nərildədi, iri yumruqları ilə tüklü sinəsini döyəclədi. Sonra oğrun-oğrun, gizlincə ovuna yaxınlaşırmış kimi, qəzəbdən qızarmış gözlərini ölü qorilladan ayırmadan onun ətrafında bir neçə dəfə dövrə vurdu.
Erkək meymunlar bir-bir ortaya çıxıb Kerçakın hərəkətlərini təkrar edirdilər. Onların qışqırıqları amfiteatrı başına götürmüşdü. Antropoidlər sanki düşməni döyüşə çağırırdılar.
Birdən Kerçak sıçrayıb yerdə qalaqlanmış dəyənəklərdən ən irisini qapdı və cəsədin başına güclü zərbə endirdi. Təbillər yenidən guruldadı. Digər erkək meymunlar da hərəsi bir dəyənək götürüb cəsədi vurmağa başladılar. Artıq qorillanın bədənində salamat sümük qalmamışdı: o, bir kisə ətə dönmüşdü.
Ölüm rəqsi yarım saat davam etdi. Nəhayət, Kerçak işarə verdi, təbillər susdu, rəqs dayandı. Qəbilə başçısı məğlub meymunun ətli yerindən iti dişləri ilə yekə bir tikə qopardı. Ardınca bütün meymunlar cəsədin üstünə tökülüşdülər, onu parçalamağa başladılar. Təzə ov əti hələm-hələm ələ düşmürdü.
Antropoidlər ət üstündə az qala dalaşırdılar. Kim güclü idisə, qabağa soxulub daha yaxşı tikə seçirdi. Zəiflər əllərinə nə keçsə onunla kifayətlənməli olurdular.
Tarzan əti meymunlardan heç də az xoşlamırdı. O, dirsəkləri ilə dəstəni yara-yara özünü cəsədə çatdırdı, belindən asdığı bıçağını çıxarıb qorillanın çiyin hissəsindən böyük bir parça kəsib götürdü və yana sıçradı. Tikə çox iri idi, amma Kerçakın başı yeməyə o qədər qarışmışdı ki, buna diqqət vermədi.
Tublat artıq öz tikəsini yeyib qurtarmışdı. İndi ikinci dəfə cəsədə yaxınlaşmağa fürsət axtarırdı. Birdən o, qoltuğunda iri ət parçası dəstədən aralanan Tarzanı gördü. Tublatın qırmızı gözləri acgözlüklə parıldadı. Yox, o belə gözəl tikənin nifrət bəslədiyi oğulluğuna qismət olmasına yol verə bilməzdi!
Tarzan Tublatın niyyətini başa düşdü, dişi meymunların və uşaqların arasından sivişib cəld ən yaxın ağaca dırmaşdı. Tublat əl çəkmədi, onun dalınca cumdu. Tarzan ağacın zirvəsinə qalxdı, nazik bir budağın üstündə oturub oradan qocanı cırnatmağa, ələ salmağa başladı. Ağır meymun buraya çıxa bilməzdi. Qəzəbindən Tublatın ağzından köpük gəldi, ağlını tamam itirdi. O, yerə sıçradı, qabağına keçən balaca və dişi meymunları iri pəncəsi ilə vurub yerə sərir, bədənlərindən ətlə bərabər çəngə-çəngə tük qoparırdı. Meymunlar pərən-pərən düşdülər. Tublatın gözü gizlənməyə yer axtaran Kalaya sataşdı. Tarzana əli yetmirdi, amma onun heyfini anasından mütləq almalıydı!
Kala Tublatın fikrini anladı, Tarzanın çıxdığı ağaca tərəf qaçdı.
Tarzan oturduğu budaqdan aşağıda baş verənləri izləyirdi. Tublatın Kalaya yetişməkdə olduğunu görəndə o özünü ağacın başından yerə atdı, anasının köməyinə tələsdi.
Kala ağaca yetişən kimi Tublatdan can qurtarmaq üçün tullanıb birinci budaqdan yapışdı. Budaq ağırlığa tab gətirməyib qırıldı. Kala Tublatın üstünə yumbalandı. Hər ikisinin yıxılmağı ilə sıçrayıb ayağa qalxmağı bir oldu. Amma artıq aralarında Tarzan dayanmışdı.
Tublat belə xoşbəxt məqamı illərlə gözləmişdi. O, bir an tərəddüd etmədən Tarzanın üstünə atıldı və dişlərini onun boğazına keçirmək istədi. Tarzan yana əyildi və özü Tublatın tüklü boğazından yapışdı. O biri əlindəki bıçaqla qoca meymunun sinəsinə dalbadal zərbələr endirməyə başladı. Yalnız düşməninin əzələlərinin tamamilə boşaldığını hiss edəndən sonra Tarzan onun boğazını buraxdı. Tublat səssizcə yerə sərildi.
Ağacların arxasında gizlənmiş meymunlar bir-bir sığınacaqlarından çıxdılar. Tarzan ayağını antropoidin sinəsinə qoydu, başını göyə qaldırıb qıyya çəkdi. Sonra üzünü meymunlara tutdu:
– Mən Tarzanam, mahir döyüşçüyəm! Hamınız Tarzana və anası Kalaya hörmət edəcəksiniz! Aranızda Tarzandan güclüsü yoxdur, qoy düşmənləri bunu bilsinlər, özlərini ondan qorusunlar!
Tarzan Kerçakın qan sızmış qırmızı gözlərinin içinə baxaraq itaətsizlik ifadə edən hayqırtı ilə yumruqlarını sinəsinə döydü.
VIII fəsil
Ağac başında ov
Dum-Dum törəninin səhəri meymunlar amfiteatrı tərk etdilər. Tublatın cəsədi elə orada da qaldı. Antropoidlər öz qəbilə üzvlərini yemirdilər.
Yolda onlar qarınlarını doydurdular. Kələm palması, boz gavalı, vəhşi ananas, xırda məməlilər, həşəratlar, onların yumurtaları – hamısı kara gəlirdi. Qozları dişlərinə salıb sındıra bilməyəndə daşla qırırdılar.
Gözlənilmədən yolları Saborla kəsişdi. Meymunlar dərhal ağaclara dırmaşdılar. Əslində, qoca şir heç onlara hücum etməyə hazırlaşmırdı. Tək-tək hər birinin öhdəsindən gələrdi, amma antropoidlər dəstə şəklində olanda bəxtini sınamaq istəmirdi.
Hündür bir budaqda oturmuş Tarzan cəngəlliyi yara-yara uzaqlaşan şirə baxdı. Saborla onun öz haqq-hesabı var idi. Şiri hirsləndirmək üçün əlindəki ananası köhnə düşməninin dalınca tolazladı.
Sabor geri dönüb başını yuxarı qaldırdı, sarı, qorxunc dişlərini göstərdi.
Uzun müddət şirlə insan dinməzcə bir-birinə baxdılar. Hər ikisinin gözündən nifrət yağırdı. Sonra Sabor qalın kolluğa girdi.
Tarzanın beynindən bir fikir keçdi: “Mən Tublata qalib gəlmişəm, deməli, mahir döyüşçü olduğumu qəbiləmə sübut etmişəm. Bütün meşədə ən mahir döyüşçü olduğumu göstərmək üçünsə Saboru öldürməliyəm!”
Saboru öldürmək Tarzana təkcə gücünü nümayiş etdirmək üçün yox, həm də onun parıldayan dərisini ələ keçirmək üçün lazım idi. O bu dəridən özünə geyim düzəldəcəkdi. Kitablarda gördüyü adamların hamısının əynində paltar var idi. Tarzan əmin idi ki, məhz paltar onları bütün heyvanlardan, o cümlədən meymunlardan fərqləndirir, üstün olduqlarını göstərir. Yoxsa paltar kimin nəyinə gərəkdi?
Bir dəfə günün günortaçağı cəngəllikdə tufan qopdu. Əvvəl hava tutuldu, hər yana qəribə sakitlik çökdü. Sonra uzaqdan iniltiyəbənzər zəif səs eşidildi. Səs yaxınlaşdıqca güclənir, uğultuya çevrilirdi. Qəflətən güclü külək qalxdı, göydə şimşəklər oynamağa başladı, yağış yağdı. Külək nəhəng ağacların qol-budaqlarını əyir, sındırır, hər ildırım çaxanda isə heyvanlar qorxudan bir-birinə qısılırdılar. Amma meymunlar üşümürdülər. Leysan yağışın altında təpədən-dırnağa islanmış Tarzan isə soyuqdan tir-tir əsirdi. O, indi başa düşdü ki, kitabda gördüyü oğlanların geydikləri paltar, əslində, nə üçün imiş. Saborun dərisi əynində olsaydı, Tarzan, əlbəttə, soyuğu bu qədər hiss etməzdi.
Şiri kəməndlə tutmaq elə də asan məsələ deyildi. Liflərdən və otlardan təzə, daha möhkəm kəndir toxumaq Tarzanın xeyli vaxtını apardı. Kəmənd hazır olanda onu qoluna dolayıb gölə aparan cığırın üstündə bir ağaca çıxdı. Yarpaqların arasında gizlənib pusqu qurdu. Saborun əvvəl-axır bu cığırla su içməyə gedəcəyini bilirdi.
Nəhayət, şir cığırda göründü. Onun möhtəşəm görünüşü var idi. Sabor yeridikcə çiyin və bel əzələləri parıltılı dərisinin altında oynayırdı. Tarzan nəfəsini dərmədən onun ağacın altından keçəcəyi anı gözləyirdi, kəməndini də əlində hazır tutmuşdu. Məğrur şir yaxşı bələd olduğu bu cığırda özü üçün heç bir təhlükə hiss etmirdi. Odur ki ağacın budaqları arasında tərpəniş duyanda tənbəl-bənbəl ayaq saxlayıb başını yuxarı qaldırdı. Elə həmin an ilgək şirin boynuna keçdi. Sabor yana sıçrayıb dartındı. Kəndir boğazını sıxdı. Tarzan onun bir ucunu əvvəlcədən bərk-bərk ağacın gövdəsinə bağlamışdı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289784) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.