Kventin Dorvard

Kventin Dorvard
Valter Skot
Dünya ədəbiyyatından seçmələr
Bu romanda gənc şotlandiyalı Kventin Dorvardın macəralarından bəhs olunur. Əsərdə hadisələrin baş verdiyi ölkələrin həyat və məişətinə aid faktlar, tarixi simalar dəqiq və real təsvirlərlə verilib.

Valter Skott
Kventin Dorvard

I fəsil
Təzad
XV əsrin II yarısında Fransa böyük qüdrət sahibi olmuşdu. Kralın və xalqın fədakarlığı nəticəsində bu ölkə İngiltərə hakimiyyətinə tabe olmaqdan qurtulmuşdu.
Di gəl ki təhlükə bununla bitmirdi. Burqundiya və Breton hersoqları ilk fürsətdə krala qarşı üsyan etməyə hazır idilər. Hər bir xırda mülkədar öz müstəqilliyini qorumağa çalışırdı. Bu zülmkarlar qanunla hesablaşmırdılar. Öz rəiyyətlərinə vəhşicəsinə divan tuturdular. Təkcə Overndə üç yüzə qədər belə müstəqil mülkədar vardı. Onlar üçün qətl və qarət adi iş idi.
Bir yandan da İngiltərə ilə uzunsürən müharibə ölkəni lap əldən salmışdı. Qonşu dövlətlərdən gələn saysız soyğunçular silahlı quldur dəstələri düzəldib bütün Fransaya yayılmışdılar. Qalaları, qəsrləri işğal edib quldur yuvasına çevirirdilər. Adamları əsir alıb əvəzində pul istəyir, camaatı çapıb-talayırdılar.
XI Lüdovik belə bir vaxtda taxta çıxmışdı. Qısa vaxtda Fransanı bu fəlakətlərdən xilas etməyi müəyyən qədər bacarmışdı.
Hiyləgər Lüdovik öz şəxsi mənafeyini hər şeydən üstün tuturdu. Fikir və niyyətlərini ən yaxın adamlarından da gizli saxlayırdı. O qədər amansız idi ki, edam cəzaları ona ləzzət verirdi. Tədbirsiz iş görməzdi. Həmişə ehtiyatlı hərəkət edərdi. Məğrur və dikbaş idi. Amma cəmiyyətin təbəqələrə bölünməsini əsla qəbul etmirdi.
Lüdovikin iki əsas cəhəti vardı. Bunlardan biri hədsiz mövhumatçı olması, ikincisi isə son dərəcə macərapərəstliyi idi. Mənasız əyləncələrə hədsiz meyilli idi. Hətta buna görə haqqında rüsvayçı lətifələr yayılmışdı.
Lüdovik hələ taxta çıxmazdan qabaq pis cəhətlərini büruzə vermişdi. Birinci arvadı Marqarita saray adamlarının böhtanlarının qurbanı olmuşdu. Lüdovik həm də nankor oğul idi. O, əvvəlcə atasına qarşı sui-qəsd hazırladı. Buna görə də öz mülkü olan Dofineyə sürgün edildi. Sonra atasına qarşı üsyan qaldırdı. Bu cinayətinə görə isə ölkədən qovuldu. Məcbur olub Burqundiya hersoqu və onun oğlunun himayəsinə sığındı. 1461-ci ildə, atası öldükdən sonra isə onlara da nankorluq etdi.
Hələ hökmdarlığının ilk vaxtlarında az qalmışdı Lüdoviki taxtdan salsınlar. Lakin hər belə hücumda o, bir hiylə işlədib qalib gələ bilirdi.
Artıq onun üçün İngiltərə qorxulu deyildi. Bütün gücünü vassallarını diz çökdürməyə yönəltmişdi. Onları tamamilə özünə tabe edə bilməsə də, xeyli zəiflətməyi bacarmışdı.
İndi onun üçün ən böyük təhlükə Avropa hökmdarlarından biri olan Burqundiya hersoqu Karl idi.
Karlın yeganə arzusu hersoqluq çələngini krallıq tacı ilə əvəz etmək idi. O, XI Lüdovikin tamamilə əksi idi.
Hiyləgər Lüdovik heç vaxt özünü odun içinə atmağı sevməzdi. Hersoq isə təhlükəni xoşlayırdı. Lüdovik arzularından əl çəkərdi, mənfəətindən isə yox. Karl isə nəinki arzularını, ən xırda həvəsini də mənfəətinə qurban verməzdi. Aralarındakı qohumluğa, Lüdovik sürgündə ikən edilən yaxşılıqlara baxmayaraq, onlar bir-birinə nifrət edirdilər. Karlın nifrətinin səbəbi təkcə Lüdovikin nankorluğu deyildi. Əsas səbəb bu idi ki, kralın sarayından Karldan narazı olanlara gizlicə kömək edilirdi.
Lüdovik başa düşürdü ki, Burqundiya hersoqunun hücumu çox təhlükəlidir. Cəsarətinə görə “Cəsur Karl” ləqəbini qazanan hersoq ətrafına dövrünün ən igid adamlarını toplamışdı.
Üstəlik, Lüdovik özünü Karla borclu bilirdi deyə bəzən hersoqun ədəbsiz hərəkətlərinə dözməyə məcbur olurdu.
1468-ci ildə isə iki böyük hökmdarın arasındakı nifrət son həddə çatdı.

II fəsil
Şotlandiyalı gənc
Gözəl bir yay səhəri idi. Cavan bir oğlan kral sarayının yaxınlığından axan Şer çayına yaxınlaşdı. Kral qəsrini əhatə edən meşəlikdə krallığın ov bağı yerləşirdi.
On doqquz-iyirmi yaşlı yolçunun xoşagələn görkəmi vardı. Olduqca səliqəli geyinmişdi. Arxasında yol çantası vardı. Ucaboy, qədd-qamətli idi. Mavi gözləri və gülümsər baxışları mehriban, həm də qətiyyətli idi. Yolda rastına çıxan hər kəsin salamını alır, rahibə və ya zəvvar gördükdə hörmətlə baş əyirdi. Sözün qısası, onda diqqəti çəkən nəsə vardı ki, qeyri-ixtiyari hər kəsin xoşuna gəlirdi.
Çayın qarşı sahilində isə iki adam durmuşdu. Onlar yolçunu çoxdan görmüşdülər.
Oğlan sahilə enəndə adamlardan biri dedi:
– Bu ki bizim qaraçıdır! Keçidə ensə, işi bitdi, su artıb, çayı keçmək mümkün deyil.
– Qoy sınasın, özü əmin olsun.
– Üzünü görə bilmirəm, amma şapkasından tanıyıram. Bax, çığırır, soruşur ki, su dərindir, ya yox.
Yaşlı həmsöhbət təkrar etdi:
– Qoy özü sınasın, həyatda adamın öz təcrübəsindən yaxşı şey yoxdur.
Cavan oğlan qarşı sahildən iki adamın sakitcə ona baxdığını gördü, ayaqqabılarını çıxarıb çox fikirləşmədən suya girdi. Elə bu vaxt həmsöhbətlərdən yaşlısı çığırdı ki, ehtiyatlı olsun. Sonra çevrilib yanındakına dedi:
– Lənət şeytana! Yenə səhv elədin, bu oğlan qaraçı deyil.
Ancaq gec idi, oğlan onu eşitməmiş və suyun iti axarına düşmüşdü. Zirək olmayan adam burada batardı. Yaşlı adam ucadan dedi:
– Bu oğlan qoçaqdır! Bacarırsansa, ona kömək elə, günahını yu.
Oğlan dalğalarla məharətlə mübarizə aparıb o biri sahilə çıxdı. Cavan adam oğlana kömək üçün üzüaşağı yüyürdüyü halda, yaşlı adam tələsmədən gedə-gedə düşünürdü: “O artıq sahilə çıxıb, əlinə də ağac götürüb. Yəqin ki, köməyinə gedəni əzişdirəcək”.
Doğrudan da, oğlan ona yaxınlaşan adamın üstünə cumub çığırdı:
– Namərd! Mən soruşanda niyə cavab vermədin? Yadellilərlə necə rəftar etməyi sənə öyrədərəm!
Cavan adam bu hədəni eşidəndə qılıncına əl atdı. Bu zaman yaşlı həmsöhbət araya girib əmr etdi ki, əl saxlasın. Yolçunu isə suya girməyə tələsdiyi, üstəlik də ona kömək etmək istəyən adamın üstünə cumduğu üçün məzəmmət etdi.
Oğlan yaşlı adamı dinləyib ağacı aşağı saldı. Hörmətlə cavab verdi ki, onları başa düşür, ancaq onlar da gərək vaxtında xəbərdar edəydilər.
Yaşlı adam dedi:
– Görürəm ki, yadellisən, ay oğul…
– Ata, qurulanmağa bir yer göstərsəniz, günahınızdan keçərəm. Çünki bundan başqa paltarım yoxdur.
– Dostum, səncə, biz kimik?
– Əlbəttə, şəhər varlılarındansınız. Siz tacirsiniz, yoldaşınız da sələmçi, ya da qəssabdır.
Yaşlı adam gülümsündü:
– Düz tapdın! Bəs sən kimsən, hara gedirsən?
Cavan oğlan adamları sınayıcı nəzərlərlə süzdü. Sanki onları tanımağa çalışırdı. Bir az susduqdan sonra baş əyib cavab verdi:
– Kim olduğunuzu bilmirəm, ancaq utanıb-çəkinmədən deyirəm ki, mən şotlandiyalıyam, ailənin kiçik oğluyam. Bizim yerlərin adətinə görə, Fransada və ya başqa ölkədə bəxtimi sınamağa gedirəm.
– Lənət şeytana! Gözəl adətdir! Özün də qoçaq oğlansan! Mən tacirəm, mənə bir köməkçi lazımdır. Buna nə deyirsən?
– Təklifiniz ciddidirsə, təşəkkür edirəm. Ancaq qorxuram sizə xeyrim dəyməyə. Mən dağlıyam, cənab, atıcıyam. Monastırda da rahiblərdən oxumaq, yazmaq, hesab öyrənmişəm.
– Bu ki lap əla oldu! – tacir qəhqəhə çəkib güldü.
Onun ədası şotlandiyalının xoşuna gəlmədi:
– Xoşunuza gəlirsə, gülün. Suyun içindəyəm, gedim qurulanmağa bir yer tapım.
Tacir səsini ucaltdı:
– Lənət şeytana, qəzəblənmə, dostum. Sənin vətənini tanıyıram və sevirəm. Siz yoxsul, amma namuslu xalqsınız. Gedək bizim kəndə, səni qonaq eləyim. Bu nədir, ovçu əlcəyi? Bəs bilmirsən ki, kral malikanəsində ova çıxmaq qadağandır?
– Bilmirdim, Burqundiya hersoqunun meşəbəyisi başa saldı. Tərlanımı vağın üstünə yenicə buraxmışdım ki, oxla yerindəcə vurdu. Mən də onu ölüncə döydüm. Tez sərhəddən adlayıb əkildim.
Həmsöhbətlər bir-birinə baxıb istehza ilə gülümsədilər. Oğlan acıqla şapkasını qaşının üstünə basıb dedi:
– Bura baxın, cənablar, xüsusən də sən, yaşlı cənab, ehtiyatlı olun! Sizə sübut edərəm ki, mənə sataşmaq yaxşı nəticə verməz. Ədanız xoşuma gəlmir! Zarafata dözərəm, məzəmmətə də. Ancaq mənimlə bir uşaq kimi rəftar edilməsinə yox. Məni özümdən çıxarsanız, ikinizin də dərsini verərəm.


Yaşlı adam gülməkdən az qaldı boğulsun. Yoldaşı isə əlini qılınca atdı. Şotlandiyalı cəld güclü zərbə ilə onun əlinə vurub silahını yerə saldı. Yaşlı adam daha da şənləndi.
– Ey, qoçaq, əl saxla! Sən də, dostum! – sonra gəncə müraciət etdi, – mənimlə zarafatın axırı yaxşı olmaz. Adın nədir?
– Fransada və Flandriyada böyrümdən asıb gəzdirdiyim bu kisəciyə görə mənə “məxmər kisəli paj” ləqəbi veriblər. Ancaq əsl adım Kventin Dorvarddır.
– Dorvard? Bu, zadəgan adıdır, – yaşlı adam dedi.
– Məni hərbçi olmağa vadar edən də elə budur.
– Əsl şotlandiyalı! Əcdadı bol, qüruru bol, cibində pulu az! Bura bax, dostum, – tacir qaraqabaq yoldaşına dedi, – bizdən qabaq get, tut ağaclığında bizə qəlyanaltı hazırlatdır.
Qaraqabaq adam ona məşum təbəssümlə cavab verib getdi. Bir qədər sonra yaşlı tacirlə Dorvard da qaraqabaq adamın dalınca sıx bir meşəyə girdilər.

III fəsil
Qəsr
Onlar söhbət edə-edə gəlib qəsrə yaxınlaşdılar. Qəsr kral sarayından çox, dustaqxanaya oxşayırdı. Bu keçilməz istehkama bircə yol vardı. Qəsrin olduğu həyətə girmək üçün göz bəbəyi kimi qorunan üç darvazadan keçmək lazım idi.
Qəsr Dorvardı elə cəlb etmişdi ki, islanmış paltarı yadından çıxmışdı.
– Heç ömründə belə qala görmüsənmi? – yaşlı adam soruşdu.
– Qalaya yaxın düşmək çətin işdir, ancaq igid adamlar üçün çətin heç nə yoxdur.
– Özü də sənin vətənində belə igidlər çoxdur, eləmi?
– Mənim vətənimdə haqq yolunda şücaət göstərməyə hazır olan minlərlə adam tapılar. Atam da öz cəsarəti ilə ad qazanmışdı, mən də onun oğluyam.
– Lüdovikin bu bürcləri qoruyan kral qvardiyası başdan-başa sənin həmvətənlərindən ibarətdir. Orada Şotlandiyadan üç yüz nəfər zadəgan var.
– Mən kral Lüdovikin yerinə olsaydım, bütün mühafizəni şotlandlara tapşırardım.
Yaşlı adam qəsrə çox yaxınlaşdıqlarını deyib gəldikləri cığırla yox, daha geniş yolla meşəyə sarı yönəldi.
– Bu yol Plessi kəndinə gedir, orada rahat və ucuz məskən tapa bilərsən. Yaxınlıqda Tur şəhəri var. Ancaq məncə, sənin üçün “Parkyanı Plessi”də qalmaq yaxşı olar.
– Məsləhətinizə görə sağ olun, ancaq mənim burada qalmaq fikrim yoxdur. Bir parça mal əti ilə içməyə bir stəkan nəsə tapsam, bəsimdir.
– Mənə elə gəldi ki, sənin burada dostların, tanışların var.
– Burada bir dayım var, o öz doğma qraflığında qoçaqlıqda və gözəllikdə ad qazanmışdı.
– Onun adı nədir?
– Lesli… çox şərəfli və nəcib addır.
– Şübhə etmirəm, ancaq kral qvardiyasında bu soyadda üç adam var.
– Dayımın adı Lüdovik Leslidir.
– Üç Leslidən ikisinın adı Lüdovikdir.
– Onun ləqəbi “Çapıq Lüdovik”dir.
– Deyəsən, onu tanıyıram. Sən Nişanəli Lüdovikdən danışırsan. Üzündəki çapığa görə burada ona belə ad qoyublar. O, sədaqətli kişi, yaxşı əsgərdir. Çox istərdim sizi görüşdürüm. Ancaq bu, çətindr, çünki kral qvardiyaçıları kralı müşayiət etmək lazım olmayanda qəsrdən çölə çıxmırlar. Məncə, sən dayının yardımı ilə kral qvardiyasına girmək istəyirsən. Əgər belədirsə, çox cəsarətli plandır. Bunun üçün böyük təcrübə sahibi olmaq lazımdır.
– Əvvəllər belə fikrim ola bilərdi, ancaq indi yox. Çünki mən öz azadlığımı “qaranquş yuvası” olan daş zindanlara və dəmir qəfəslərə dəyişmərəm. Belə qozalar gətirən palıd ağaclarının bitdiyi qəsrdə yaşamaq mənlik deyil.
Bunu deyib Kventin qəsrdən bir az aralıda adam asılmış palıd ağacını göstərdi.
– Hər belə adam asıldıqda Fransada bir quldur azalır. Bunlar dələduzları qorxutmaq üçündür.
– Kralın yerinə olsaydım, onları qəsrimin yaxınlığında asdırmazdım, meyit qoxusu buracan gəlir.
– Sən hələ bir az da yaşa, biləcəksən ki, dünyada ölmüş düşmənin, xain və dönük adamın meyitinin qoxusundan daha xoş qoxu yoxdur.
– Hər şeydən əvvəl mehmanxanaya gedək. Yeri gəlmişkən, icazə verin, adınızı öyrənim…
– Adım Pyer dayıdır. Sadə bir adamam, az gəlirlə kifayətlənirəm…
Cığır onları geniş bir yola gətirib çıxardı. Pyer dayı yoldan kənara dönüb kənddən bir qədər aralıda bütün abırlı adamların düşdükləri mehmanxanaya tərəf yönəldi. Onlar dar bir xiyabandan keçib mehmanxananın qapısına çatdılar. Bu dəm-dəsgahlı mehmanxana qəsrdə işi olan nəcabətli ziyarətçilər üçün idi.
Pyer dayı Dorvardı böyük bir otağa apardı. Buxarıda od yanırdı, üstündə qəlyanaltı süfrəsi hazır olan stol vardı.
– Dostum hər şeyi fikirləşib, – Pyer dayı dedi, – yəqin, üşümüsən, qurulan, isin. Bu saat qəlyanaltı da gətirərlər.
O, fit verdi. Mehmanxana sahibi qapıda görünüb ikiqat əyildi.
– Adam göndərib tapşırmışdım ki, qəlyanaltı hazırlasınlar, yerinə yetirilib?
Mehmanxana sahibi yenə baş əyib gözəl qəlyanaltılarla dolu qabları stolun üstünə düzməyə başladı.

IV fəsil
Qəlyanaltı
Kventin yedikcə Pyer dayı onun iştahasına heyran qalırdı. Odur ki mürəbbə, peçenye və başqa ləzzətli şeylər gətirməyi əmr etdi.
Sonra isə Dorvarda sarı çevrilib soruşdu:
– Yaxşı, cavan oğlan, niyə kral qvardiyasında xidmət etmək istəmirsən? Dayın səni ilk boşalan yerə düzəldə bilər, mən də kömək edərəm.
– Mən xasiyyətdə adamlar şərəf, şöhrət, hərbi şücaət arzusu ilə yaşayırlar. Sizin kral Lüdovik isə öz qəsrinə sığınıb. Yalnız bir qaladan o birinə gedəndə at minir. Şəhərləri və mahalları danışıqlar, ittifaqlar yolu ilə alır.
– Lüdovik qorxaq deyil, o, rəiyyətinin qanını nahaq yerə tökmək istəmir.
– Mən şöhrəti də qalxanı kimi parlaq, özü də döyüş meydanında öndə olan hökmdara qulluq edərdim.
– Amma dünyada dəlisov adamlar çoxdur, məsələn, sənin Giyom de la Mark barədə fikrin nədir?
– Plaşını ələ keçirmək üçün rastına çıxan adamı öldürməyə hazır olan, silahsız zəvvarları, rahibləri çəkinmədən öldürən o qulduru deyirsiniz? Ona qulluq etmək atamın şərəfli adını ləkələmək olardı!
Bu zaman qapı açıldı. On altı yaşlarında bir qız əlində məcməyi içəri girdi. Dorvard qeyri-ixtiyari qıza baxdı. Qızın çiçəklərlə bəzənmiş sıx qara saçı, gözəl üzü, tünd- qara gözləri oğlanı heyran etdi.
– Jakelina, axı mən demişdim qəlyanaltımı Peretta gətirsin! – Pyer dayı qıza dedi.
– Bibim xəstələnib, – deyə Jakelina hörmətlə cavab verdi.
Tacirin səsi bir az da sərtləşdi:
– Qondarma xəstəliklərlə məni aldatmaq olmaz.


Qızın rəngi ağardı, canına titrətmə düşdü. Kventin cəld qıza yaxınlaşıb məcməyini əlindən aldı. Qız yalvarıcı baxışlarla qəzəblənmiş qocaya baxdı. Pyer dayının ürəyi yumşaldı:
– Sənə acığım tutmur, Jakelina. Sən yalançı olmaq üçün çox gəncsən. Yəqin, cənab şotlandiyalı da bunu təsdiq edər.
Qız itaətlə dönüb gəncə baxdı. Yox, deyəsən, bu qız heç də adi xidmətçi deyildi. Elə bu qocada da nəsə ayrı bir xüsusiyyət vardı.
– Bibim məni sizə qulluq etmək üçün göndərib…
– Lənət şeytana! Ay uşaq, mənimlə söz güləşdirmə, yeri get!
Jakelina getdi. Qoca tacir nəyə görəsə qaşqabağını töküb oturmuşdu. Nəhayət, fikirdən ayılıb dilləndi:
– Dedin ki, zadəgansan?
– Şübhəsiz! Ancaq uşaqlıqdan mənə öyrədiblər ki, kiçiklər böyüklərə qulluq etməlidir.
Qoca soyuqqanlılıqla qədəhi Kventindən alıb suyu başına çəkdi.
– Dayınla görüşənə qədər burada qal. Günortadan sonra növbəsini dəyişəcək. Mənim də qəsrdə işim var, xəbər verərəm ki, onu gözləyirsən.
Bunu deyib qoca otaqdan çıxdı.
Çox keçmədən mehmanxana sahibi gəldi. Kventin onunla bir qədər şərab içmək istədi. Amma mehmanxana sahibi masadakı qədəhə toxunmaqdan imtina etdi. Çünki qədəh Pyer dayının idi. Üstəlik, onu Parisdə tayı-bərabəri olmayan məşhur usta Martin Dominik düzəltmişdi.
Dorvard səbirsizliklə soruşdu:
– Axı kimdir bu Pyer dayı? Mənə dedi ki, tacirdir. Ancaq deyəsən, burada bir sirr var.
– Elə deyibsə, deməli, tacirdir.
– Nə ticarəti ilə məşğuldur?
– Hər cür ticarətlə. Onun burada ipək emalatxanaları var. Bəlkə də, gələndə yolda tut meşələrini görübsünüz, onun əmri ilə barama qurdları üçün əkiblər o ağacları.
– Bəs Jakelina kimdir?
– Mehmanxanamda kim olduğunu bilmədiyim bir qadınla qalır… Pyer dayı hər kəsi özünə xidmət göstərməyə məcbur edə bilir.
– Bir neçə günlüyə, ya da daha uzun müddətə otaq verə bilərsinizmi?
– Əlbəttə!
Dorvard nə olur-olsun, Jakelinanı yenidən görmək istəyirdi. Hələlik isə mehmanxana sahibindən xahiş etdi ki, ona qalacağı otağı göstərsin.
Mehmanxana sahibi dəhlizin lap sonundakı otağın qapısını açdı. Kiçik, amma təmiz otaqda bir çarpayı və səliqə ilə düzülmüş avadanlıq vardı.
– Ümid edirəm ki, otağınızı bəyəndiniz. Pyer dayının qonaqlarına qulluq etməyi özümə borc bilirəm.
Dorvard təsadüf nəticəsində qovuşduğu xoşbəxtlikdən çaşıb-qalmışdı. O, otağın yeganə pəncərəsindən ətrafa boylandı. Yaşıl şərflə örtülü ud asılmış pəncərəyə baxdı. Çox arzu edirdi ki, gözəl qonşu qız – Jakelina barədə nəsə öyrənsin. Bu vaxt ağappaq bir əl uzanıb pəncərədən asılmış udu götürdü. Kventin əl sahibinin həmin qız olub-olmadığını bilmək istədi. Naməlum qız cəngavərlik dövrünün qədim nəğmələrindən birini oxumağa başladı. İncə meh ilə qarışan bu zərif səs Kventinə sehrli təsir bağışladı. Nəğmə kəsildi. Pəncərə şappıltı ilə örtüldü, pərdə salındı. Dorvard məyus oldu.
Elə bu vaxt xidmətçi gəldi. Bildirdi ki, bir cəngavər onunla görüşmək istəyir.

V fəsil
Döyüşçü
Lüdovik Leslini Fransada “Çapıq Lüdovik” kimi tanıyırdılar. O, boylu-buxunlu, sağlam, sərt simalı bir adamdı. Alnından düz qulağının dibinə qədər uzanan yekə bir çapıq üzünə daha da sərt ifadə verirdi. Bahalı libas geyinib gözəl silahlanmışdı. Başında milli Şotlandiya şapkası vardı. Onun zirehli geyiminin boyunluğu, qolçaqları, döşlüyü əla poladdan idi.
Dorvard uşaqlıqdan müharibələr görmüşdüsə də, bu vaxtacan dayısı kimi mərdanə və belə gözəl silahlanmış döyüşçüyə rast gəlməmişdi. Dayısı onu qucaqlayıb öpdü. Şotlandiyadan yeni nə xəbərlər gətirdiyini sorğu-sual etdi. Kventin anasının öldüyünü deyəndə Çapığın üzünə kədər çökdü. Bir qədər susduqdan sonra soruşdu:
– Onda, yəqin, atan evlənib, hə? – özü də cavab verdi, – əlbəttə, Allan Dorvard evlənməzmi?
– Anam atamdan bir il əvvəl dul qalmışdı axı. İki əmim, iki böyük qardaşım, o biri əqrəbamızdan da yeddi nəfər qəsrimizi Ogilvilərin hücumundan qoruyarkən həlak oldular. İndi orada daş üstdə daş qalmayıb.
– Bədbəxtlik! Nə vaxt olub bu faciə?
– Bir il öncə…
Çapıq Lüdovik qəmli-qəmli başını buladı:
– Bəs bu vuruşmada sənin payına nə düşdü?
– Onlar hamısı qırılana qədər vuruşdum. Aldığım ağır yaradan huşumu itirdim.
– Ay məlunlar!
– Sonra anamın xətrinə monastıra getdim. Bütün qayda-qanunlara əməl etdim. Həm də savad öyrəndim. Səhhətim düzələndən sonra anladım ki, mən heç cür rahib ola bilmərəm. Xoşbəxtliyimi başqa yerdə axtarmalı idim. Monastırı himayədarım Pyotr atanın razılığı ilə tərk etmişdim. Hətta onun imzası və möhürü ilə şəhadətnaməm də var. Amma elə qaçmalıydım ki, Ogilvinlər Pyotr atadan şübhələnməsin və ona qəzəblənməsinlər. Odur ki qaçanda abbatın tərlanını da götürmüşdüm.
– Kralın qaçaq rahiblərdən zəhləsi gedir. Ciblərin nə haldadır?
– Varım-yoxum bircə ovuc gümüş pulum var.
– Mən də pul yığmağı sevmirəm. Ancaq həmişə ehtiyat üçün qızıldan bir şeyim olur. Sonra da xırda-xırda satıb işlədirəm. Sən də bunları mənim kimi mərhəmətli fransız kralının qulluğunda əldə edə bilərsən. Bir şərtlə ki, təhlükədən qorxmayıb həyatını riskə atmağa cəsarətin çatsın.
Dorvard dedi:
– Eşitmişəm, Burqundiya hersoqunun sarayı fransız sarayından xeyli dəbdəbəli və zəngindir. Burqundiyalılar vuruşmaqda da qoçaqdırlar. Ancaq sizin kralınız bütün qələbələri elçilərinin dili ilə qazanır.
– Yelbeyin uşaq kimi danışma. Siyasət lazımdır, siyasət! Bu, başqasının silahını onun özünə qarşı çevirmək sənətidir. Bizim kral bütün hökmdarlardan ağıllıdır.
– Ancaq mən yad bir ölkədə xidmətə girsəm, istərdim ki, yeri gələndə fərqlənim, ad çıxarım.
– Sən elə bilirsən ki, Burqundiya hersoqunun yanında ad çıxara biləcəksən? Uzağı “Bu qoçaq şotlandiyalıya bir florin verin, sağlığımıza vursun!” deyəcək, vəssa- lam. Yadelli oldunsa, heç nə gözləmə. Hər şey ancaq onların öz adamlarına qismət olur. Yaşasın Fransa kralı! Elə bir gün keçmir ki, bizə tapşırıq verilməsin, tapşırığı yerinə yetirəndə isə şöhrət və ya pul qazanmayasan.
– Şərəfli olmayan şücaətlər məhvedici ola bilər.
– Sən məni kim hesab edirsən, bacıoğlu? – Çapıq ciddi əda ilə soruşdu. – Unutma ki, sənin dayın namuslu Leslidir! O heç sənə şərəfsiz iş təklif edərmi?
– Sizə inanıram, dayı. Axı mənim yeganə qohumumsunuz.
– Lap yaxşı! İndi mən qəsrə getməliyəm, xudahafiz! Sabah saat səkkizdə qaldırma körpünün yanında növbətçidən xahiş edərsən məni çağırar. Ancaq gözlə ha, yolun ortası ilə gəl. Yoxsa tələyə düşüb şikəst olarsan.
Çapıq bu sözləri deyib tələsik getdi. Kventin isə Şer çayının sahilində gəzmək üçün yola düşdü. O bu qat-qarışıq fikirlərdən baş çıxarmağa, bir qərara gəlməyə çalışırdı.

VI fəsil
Qaraçılar
Bütün Dorvardlara uşaqlıqdan bu fikri aşılamışdılar ki, nəsillərini qırmış düşmən feodallardan amansızcasına intiqam almalıdırlar. Lakin Dorvardların qəlbindəki bu kin və ədavət hissi cəngavərlik, ədalətli olmaq duyğuları ilə yumşalmışdı. Odur ki onlar hətta intiqam məsələsinə də insanpərvərliklə yanaşırdılar.
Dayısı ilə görüş Kventini çaşbaş salmış və məyus etmişdi. Dəfələrlə dayısının qoçaqlıqları barədə rəvayətlər eşitmişdi. Xəyalında dayısının parlaq surətini yaratmışdı, onu adlı-sanlı cəngavər hesab edirdi. Amma Dorvard başa düşdü ki, Çapığın gəncliyindəki şöhrət və şücaət əməllərindən əsər-əlamət qalmayıb. O, indi adi, kobud bir döyüşçü idi. Qənimət qazanmaq üçün hər yola əl ata bilərdi. Yalnız özünü düşünmək, öz qayğısına qalmaq onu xudbin heyvana döndərmişdi. Dayısının öz bacısı ailəsinin tələf olmasına laqeydliyi, ehtiyac içində olduğu halda ona pul təkif etməməsi Kventini təəccübləndirmişdi. Bu diqqətsizliyin səbəbi nə olur-olsun, Kventin dayısına haqq qazandıra bilmirdi. İndiyədək düşünürdü ki, dar ayaqda ona güvənə bilər, ancaq indi o da yox idi. Yad bir tacir Kventinə dayısından daha çox qayğıkeşlik göstərmişdi.
Çapıq ona o qədər sual vermişdi ki, Dorvard dayısından heç tacir haqqında nəsə soruşmağa da macal tapmamışdı.
Dorvard öz-özünə dedi: “Pyer dayı zahirən sərt görünsə də, alicənab və səxavətlidir. Mən mütləq onu axtarıb tapacağam. Əgər o, həqiqətən tacirdirsə, mən onun xidmətinə girə bilmərəm”.
Dorvard Pyer dayının evini soraqlaşa-soraqlaşa Şer çayının sahilinə gəlib çatdı. Yanaşı bitən şabalıd ağacının altına bir dəstə kəndli yığışıb nəyəsə çox diqqətlə baxırdı. Kventin qaça-qaça təpəyə çıxanda dəhşətli mənzərə gördü. Ağacların birindən asılmış adam yırğalanır, yəqin ki, can verirdi.
– Niyə kəndirini kəsmirsiniz? – deyə o çığırıb dələ çevikliyi ilə ağaca dırmaşdı. Cibindən bıçağını çıxarıb ipi kəsdi, çığırdı ki, cəsədi tutsunlar. Cəsəd tappıltı ilə yerə düşdü. Kventin ağacdan enib gördü ki, adam ölüb, lakin yenə də paltarının düymələrini açdı, üzünə su səpdi.
Birdən çığırtılar eşidib döndü. Qəribə adamlarla əhatə olunduğunu gördü. Hərə bir tərəfdən qışqırırdı ki, öldürdüyün bəs deyil, hələ bir soymaq da istəyirsən. Ancaq Dorvard özünü itirmədi:
– Siz nə danışırsınız? Mən onun asıldığı ilgəyi öz əllərimlə kəsmişəm.
Bu zaman ölən adamı dövrəyə alıb ah-nalə edə-edə saçlarını yolmağa başladılar. Kəsilmiş ip Kventinin günahsız olduğunu sübut etmişdi.
Bu adamlar öz qəribə, əcaib geyimləri və hərəkətləri ilə Dorvardı heyrətləndirmişdilər. Onlar Kventinin bu vaxtadək gördüyü adamlara bənzəmirdilər. Sağ-salamatkən onlardan uzaqlaşmaq istəyirdi ki, adamların üstünə bir dəstə fransız əsgəri basqın etdi. Cəsədi çiyinlərinə almış adamlar meyiti yerə ataraq qaçıb dağılışdılar.
– Tutun, vurun, doğrayın bunları!
Ancaq əsgərlər yalnız iki nəfəri tuta bildilər. Kventini də tutub əl-qolunu bağladılar. Dorvard görəndə ki onu tutan dəstəyə Pyer dayının qaraqabaq dostu rəhbərlik edir, bilmədi ona kömək üçün müraciət etsin, ya yox. Düzü, ona heç bu haqda düşünməyə imkan da vermədilər.
Dəstənin rəisi öz əlaltılarına səsləndi:
– Odur bax, o ağaclar sizin qulluğunuzda hazırdır. Bu mürtədlərə göstərin ki, kral bir adamı cəzalandıranda ona mane olmaq nə deməkdir. Cəld işə başlayın!
Bircə dəqiqənin içində əsgərlərdən ikisi atdan düşdü. Onlar yəhərlərindən asılmış, hər birinin ucunda hazır ilgək olan kəndirləri açdılar. Dorvard anladı ki, ilgəklərdən biri onun üçündür.
Kventin ucadan dəstə rəisini çağırıb səhərki görüşlərini xatırlatdı. Onu inandırmağa çalışdı ki, bu işlərdən xəbəri yoxdur, heç kimi tanımır. Rəis ona ötəri nəzər salıb üzünü adamlarına tutdu:
– O, kralın əmrinə qarşı çıxıb, ölümə məhkum olunmuş xaini xilas etməyə cürət edib, cəld olun, işinizi görün!
– Cənab rəis, bir məni dinləyin! – Kventin bərk qorxdu, – günahsız adamın ölümünə bais olmayın! Həmvətənlərim bunu belə qoymazlar!
Polis rəisi soyuqqanlılıqla əsgərlərinə işarə etdi ki, əmrini yerinə yetirsinlər.
Özündən çıxmış Dorvard çığırdı:
– Alçaq! Sən intiqam alırsan, əclaf!
Amma qaraqabaq adam onun dediklərinə yenə əhəmiyyət vermədi. Cəlladlara kömək üçün daha iki-üç əsgər də qoyub dəstənin başında çaparaq getdi. Dorvard qorxmuş halda ətrafına göz gəzdirdi. O, yoldaşlarının soyuqqanlılığını görüb təəccübləndi. Hətta cəlladlar işə başladıqda da onlar sarsılmadılar. Cəlladların nə görkəmləri, nə də iş qaydaları bir-birinə bənzəmirdi. Lüdovik onların birini Demokrit, digərini Heraklit adlandırırdı.
Demokrit arıq, ucaboylu bir adam idi. Boynuna həmişə iridanəli təsbeh taxan bu adamın üzündə nəsə bir zəhm vardı. Heraklit isə bəstəboy, yupyumru, şən adam idi. Öz qurbanlarına xüsusi şəfqət və mehribanlıqla yanaşardı. Bu iki fərqli adam hamının nifrətini qazanmışdı.
Cəlladlar Dorvardı yavaşca ağaca sarı itələdilər. Sonra dilə tutub dedilər ki, qorxmasın, iş bir anda görülüb bitəcək. Bu an Dorvard ucadan çığırdı:
– Doğrudanmı burada ürəyiyumşaq bir adam da yoxdur? Varsa, gedib Lüdovik Lesliyə xəbər eləsin ki, onun bacısı oğlunu alçaqcasına öldürürlər!
Yaxşı ki, bu vaxt Şotlandiya qvardiyasının nişançılarından biri – Kanningem də burada idi. O dilləndi:
– Bura baxın, hey, cəlladlar! Əgər bu cavan oğlan şotlandiyalıdırsa, mən onu asmağa qoymaram!
– Biz əmri yerinə yetirməliyik, – deyə Demokrit Dorvardın qolundan çəkdi. Kventin nişançının sözlərini eşidib cəlladların əlindən çıxmağa çalışdı.
– Məni xilas elə, yerlim! Şotlandiya naminə! Mənim heç bir günahım yoxdur!
Bu vaxt nişançı qılıncını çəkdi:
– Onlar mənim meyitimin üstündən keçib səni tuta bilərlər!
– Kəndirlərimi kəs, özüm özümü qoruya bilərəm!
Qılıncın bir zərbəsi ilə dustaq azad oldu. Sonra cəld əsgərlərdən birinin üstünə cumub təbərzini onun əlindən qapdı və çığırdı:
– İndi kimin hünəri var gəlsin!
Cəlladlar pıçıldaşdılar. Demokrit digər cəllada dedi:
– Tez get köməyə adam çağır, mən bunları ləngidərəm.
Heraklit atın belinə sıçrayıb getdi.
Əsgərlər isə Demokritə dedilər ki, bu şotlandiyalıları dərhal tərk-silah etmək üçün icazə versin. Ancaq cəllad ehtiyatlı tərpənməyi sevirdi, odur ki Şotlandiya nişançısına müraciətlə dedi:
– Cənab, siz kralın əmrinə qarşı çıxmaqla onu təhqir edirsiniz.
– Axı bu cavanın günahı nədir?
– Cinayətkarın cəsədini ağacdan çıxarmağa cəsarət edib!
– Bu doğrudurmu? – nişançı soruşdu.
– Məni xilas edin, həqiqəti söyləyəcəyəm. Ağacdan asılıb can verən insan gördüm, ipini kəsdim, kimisə təhqir etmək fikrində deyildim.
– Yaxşı, cənab cəllad, o, səhv eləyib. Yəqin, siz də belə bir cavana, özü də ki qərib adama güzəştə gedərsiniz.
Bu vaxt qaraqabaq adam öz dəstəsi ilə bir tərəfdən, Çapıq Lüdovik də bir tərəfdən beş nəfər şotlandiyalı nişançı ilə çaparaq gəldi.
Bu dəfə Lesli bacısı oğluna laqeydlik göstərmədi. Onu görən kimi yanındakılara səsləndi:
– Hey, çəkin qılıncları! Marş irəli!
Aydın idi ki, tərəflər arasında toqquşma başlanacaqdı. Şotlandiyalılar yaxşı silahlanmışdı. Qaraqabaq adam məğlub olacaqlarından şübhələndiyi üçünmü, ya nədənsə əsgərlərinə işarə etdi ki tərpənməsinlər. Leslidən soruşdu ki, o, nə haqla cinayətkarı müdafiə edir.
– Sizin ittihamınız yalandır. Unutmayın ki, Şotlandiya nişançılarına xüsusi imtiyazlar verilmişdir. Yaşasın kral Lüdovik!
Qaraqabaq adam dedi:
– Axı bu oğlan nişançı deyil!
– O mənim bacım oğludur! – Çapıq təntənəli əda ilə deyib səsini ucaltdı və and içdi ki, elə bu gün onu öz məiyyətinə daxil edib.
Qaraqabaq adam inad etdi:
– Amma hər halda, hər şeyi krala ərz edəcəyəm, bu mənim vəzifəmdir.
O bunu deyib atını çapdı, dəstəsi də onun dalınca getdi. Nişançılar bundan sonra nə edəcəkləri barədə müzakirəyə başladılar:
– Öncə gərək bunları rəisimiz Krouforda ərz edib oğlanı siyahımıza salaq.
– Cənablar, bir məni dinləyin, – Kventin dedi, – axı mən hələ bu haqda qərar verməmişəm.
– Onda birdəfəlik qət elə ki, asılmaq istəyirsən. Qabaqcadan deyirəm, səni xilas etməyin başqa yolu yoxdur.
Kəndirdən qurtulan Kventinə bu vəziyyətdə ən acınacaqlı təklif də edilsəydi, razılaşardı.
– Dayıcan, olarmı bu gecə mehmanxanada qalım? – Dorvard dedi.
– Səni sabaha sağ buraxmazlar. Prevo gedəndə boş yerə gülümsəmədi, bu, pis əlamətdir. Onun nəsə fikri var.
– Məsləhət görürəm ki, elə günü bu gün kralın bərbəri Olivye ilə görüşəsən. O, həmişə bizə dost olub. Həm də o, kralla prevodan qabaq görüşəcək, çünki sabah onun üzünü qırxacaq, – Kanningem dedi.
– İndi birbaş qəsrə, uşaqlar!

VII fəsil
Kral qvardiyasının nişançısı
Kventin xidmətçilərdən birinin atına mindi. Kralın qəsrinə sarı yönəldi. Yolda dayısının sorğu-sualına cavab olaraq səhərki əhvalatı ətraflı danışdı.
Onlar qəsrə çatıb bir-birinin ardınca darvazadan içəri girdilər.
Sıra Kventinə çatanda növbətçilər nizələrini çarpazlayıb durmasını əmr etdilər. Qala divarları üstündən oxlar tuşlandı. Bacısı oğlunun yanında qalan Çapıq Lüdovik lazımi izahatı verdikdən sonra Dorvardı keşikçi dəstəsinin nəzarəti altında Kroufordun olduğu binaya ötürdülər.
Şotlandiya zadəganlarından olan Krouford qanlı müharibələrdə VI Karla sədaqətlə xidmət etmişdi. İngilisləri Fransa torpaqlarından qovmuş şanlı Şotlandiya lord və cəngavərlərinin sağ qalmış son nümayəndələrindən idi. Hələ gəncliyində Janna d‘Arkın bayrağı altında vuruşmuşdu. Xasiyyəti və sədaqəti ilə kral ya- nında böyük nüfuz sahibi olmuş, sarayda yüksək mövqe tutmuşdu.
Çapıq Lüdovik Dorvardın və onu ötürən keşikçilərin ardınca öz rəisinin olduğu binaya girdi.
Ucaboy, gümrah və arıq olan lord Krouford xeyli yaşlansa da, qüvvəsini qoruyub saxlamışdı. Gündən yanmış üzündə xeyli çapıq vardı. Uca, dik vücudu gen xalata bürünmüşdü. Belində zəngin bəzəkli qını olan xəncər, boynunda müqəddəs Mixail ordeni olan lent asılmışdı. Gözlüyün köməyi ilə kral Lüdovik tərəfindən yazılmış əlyazmanı oxuyurdu.


Onlar içəri girəndə lord əlyazmanı kənara qoyub narazılıqla dedi:
– Lənət şeytana, yenə mənə işiniz düşüb?
Çapıq Lüdovik hadisəni ətraflı şəkildə danışdı. Lord Krouford dedi:
– Bu cür əhvalatlarla mənim yanıma hələ çoxmu gələcəksiniz? Yad ölkədə qulluq edən əsgər özünü təvazökar və ədəbli aparmalıdır ki, həyət itləri üstünə hürməsinlər. Ancaq bacın oğlunu sənin müdafiə etməyin təbiidir. Qoymarıq o qoçağı incitsinlər. Siyahıları mənə verin, onun adını siyahıya yazaq ki, bizim imtiyazlardan istifadə edə bilsin.
Dorvard danışmaq istədi:
– İcazə verin, hörmətli cənab…
Amma dayısı tez onun sözünü kəsdi:
– Dəlisən? Rəis həzrətlərinin icazəsi olmadan danışmağa necə cürət edirsən?
Lord dedi:
– Qızışma, Lüdovik, qoy görək nə deyir.
– Bu qvardiyaya girməkdə bir az tərəddüd edirəm, dayım da bilir. İndisə nəcabətli və təcrübəli rəisi gördükdən sonra onun komandanlığı altında xidmət etməyə şübhəm qalmadı, çünki sizə qarşı dərin hörmət hissi duydum.
– Kventin, sən kral Şotlandiya qvardiyasının fəxri dəstəsinə daxil oldun. Səni dayının silahdaşıyanı təyin edirəm, o artıq sənin rəisindir. Lüdovik, ona göz qoy ki, hərbi təlimlə ciddi məşğul olsun. Bu günlərdə düşmənlə üz-üzə gələcəyik.
– Qılınca and olsun ki, bu, şad xəbərdir! – Çapıq dedi.
Adət üzrə, dəstənin sıralarına yeni yoldaş daxil olanda onun şərəfinə veriləcək qonaqlığa hazırlıq başladı. Bu münasibətlə Şotlandiya nişançılarının yeməkxanası səliqəyə salındı. Divarları Şotlandiya bayraqları və düşmənlərdən alınmış bayraqlarla bəzədilər.
Sonra Kventin üçün lazım olan rəsmi geyim və silah tapmağa çalışdılar ki, o da qonaqlığa əsl şotlandiyalı nişançı kimi gəlsin.
Qonaqlıq əla keçdi. Şənliyin qızğın yerində lord Krouford gəlib çıxdı. Qoca əsgərin gəlməsi şənliyi daha da qızışdırdı.
– Qulaq asın, dostlar! – qoca dedi, – Burqundiya hersoqu Karldan elçi gəlib. Elçinin gətirdiyi ismarış heç də sülhməramlı deyil. Sərhəddə baş verən toqquşmalar hersoqun narazılığına səbəb olub. Odur ki kral onu öz qəsrində qəbul etməkdən imtina edib. Başlıcası isə kral bu yaxınlaradək hersoqun rəiyyəti olan adlı-sanlı gənc bir qrafinyanı öz himayəsinə alıb. Hersoq həmin qrafinyanı öz dostuna ərə vermək istəyirmiş. Qohumlarından qoca qrafinya da onunla bura gəlməyə razı olub.
– Yəqin, bu gün növbədə ikən gördüyüm qız elə o imiş, – deyə nişançı Arno dilləndi. – Onu başqa bir xanımla örtülü kəcavədə qəsrə apardılar. Mənə dedilər ki, kəcavədə qəsrə aparılan bu iki xanım çox adlı-sanlı xanımlardır. Sən demə, neçə gündür ki, kral özü neçə dəfə gizlincə xanımların yanına gəlib onlara hörmət göstərib. İndisə xanımlar qəsrdə gizləniblər.
– Bu gün mən qəsrdən heç vaxt eşitmədiyim ud və nəğmə səsləri eşitdim, – başqa bir nişançı dilləndi.
Bu söhbətlər qonaqlıqdan sonra da Kventinin yadından çıxmadı. Bəlkə, elə Pyer dayıya qulluq edən gözəl qız haqqında danışılan qrafinyanın özüdür?

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/valter-skott/kventin-dorvard-68289739/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Kventin Dorvard Вальтер Скотт

Вальтер Скотт

Тип: электронная книга

Жанр: Литература 20 века

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Kventin Dorvard, электронная книга автора Вальтер Скотт на азербайджанском языке, в жанре литература 20 века

  • Добавить отзыв