Ləpirçi

Ləpirçi
Fenimor Kuper
Dünya ədəbiyyatından seçmələr
Böyük həyəcanla oxuyacağınız bu romanın mövzusu XVIII əsrin 50-ci illərində fransızlarla ingilislər arasında on illərlə davam edən qanlı müharibədən götürülüb.

Ceyms Fenimor Kuper
LƏPİRÇİ

Birinci fəsil
Onlar dörd nəfər idi: iki kişi, iki qadın. Adamlardan ikisi, yəni bir qadın və bir kişi tuskarora[1 - Tuskarora – ABŞ və Kanada ərazisində yaşayan hindu tayfası] qəbiləsindən olan hindular, digər iki nəfər – gənc bir qız və dəniz zabiti idi.
Qarşıda açılan misilsiz mənzərələr qızı heyrətə salmışdı. Bu həyəcan onun mavi g özlərində əks olunurdu. Yaşıl meşələrin ucu-bucağı görünmürdü. Qız yol yoldaşının qo-lundan yavaşca çəkdi:
– Dayıcan, – dedi, – bu sizin çox sevdiyiniz okeana bənzəyir!
Ömrünü okeanda keçirmiş dəniz zabiti cavab verdi:
– Qız xəyalpərəstliyi belə olar! Bu bir ovuc kolluğu Atlantik okeanı ilə yalnız uşaq müqayisə edə bilər…
– Dayı, sözlərinizdə həqiqət zarafatdan çoxdur. Baxın, bu meşələrin ucu-bucağı yoxdur. Siz okeanda daha nələr görə bilirdiniz?
– Daha nələrmi? Əgər bu, okeandırsa, hanı nəhəng dalğalar, qasırğalar, balinalar? Hanı mavi okean suları? Hanı dalğaların kəsilmək bilməyən əbədi uğultusu? Bu bir parça meşənin harasında bütün bunları görürsən, mənim balam?
– Oraya baxın! Görürsünüzmü, orada ağacların arasında tüstü qalxır? Bəlkə, orada ev var? – qız birdən dedi.
– Görürəm, görürəm, Maqni! Tüstü göstərir ki, orada insanlar yaşayır. Bunu Arouhedə göstərmək gərəkdir.
Qoca dənizçi əlini kamzolunun[2 - Kamzol – keçmişdə geyilən qolsuz qısa kişi paltarı] cibindən çıxarıb yavaşca hindunin çiyninə vurdu və tüstünü ona göstərdi.
Tuskarora boylu-buxunlu döyüşçü idi. Ağ adamların məskənlərində çox olmuşdu. Onların adətləri və dilləri ilə tanış idi. Lakin qəbilə başçısına xas vüqarını və təmkinini qorumuşdu. Dənizçi ilə mehriban rəftar edirdi.
Hindu tüstünü görüb özünü bir az dikəltdi və bir dəqiqəliyə dayandı. Onun qara gözləri irəliyə maraqla zillənmişdi.
– Meşədə viqvam[3 - Viqvam – Şimali Amerika hindularının daxması. Adətən, heyvan dərisi, ağac qabığı və budaqlarla örtülmüş olur.] olmaz. Ocaq qalayan ağüzlülərdir.
– Ağüzlü adamın ocağı! Dayıcan, ocağı məhz ağüzlülərin qaladığını bu hindu nədən bildi? – qız heyrətləndi.
– Mənim əzizim, bunu Arouheddən soruşmaq lazımdır. Arouhed, siz nəyə görə zənn edirsiniz ki, bu tüstü qırmızı adamın deyil, ağüzlü adamın ocağından çıxır?
Arouhed izah etdi ki, orada yaş ağac yandırırlar. Belə ocağı yalnız ağ adam qalayar. Tuskarora isə ağıllıdır, belə ocaq qalamaz. Ağ adam çox kitab oxuyur, amma biliyi azdır.
Onlar ehtiyatla tüstü çıxan tərəfə yaxınlaşmağı qərara aldılar. Tuskarora arvadına əmr etdi ki, qayıq olan yerə qayıtsın və onları gözləsin. Adı İyun Şehi olan bu qadın ona itaət etdi. Maqni isə olduğu yerdə qalıb gözləməli idi. Lakin Maqni tək qalmaqdan qorxdu və onlarla birlikdə tüstü çıxan tərəfə getmək istədi. Əsl adı Meybl Dunham olan bu qız dayısından razılıq aldıqdan sonra getməyə hazırlaşdı.
Üç yolçu ağacların arası ilə getməyə başladı. Arouhed ətrafına göz gəzdirib düzgün səmt seçdi. Maqninin dayısı Kap isə cibindən kompasını çıxardı. Hindu kompasa sarı əyilərək dedi:
– Bu, ağüzlü adamın gözüdür! Tuskarora isə başı ilə baxır. İndi Duzlu Suyun (hindu öz dənizçi yoldaşına belə ad qoymuşdu) gözü var, dili isə yoxdur.
Hindu tüfəngini yoxladı. Dəniz zabiti isə tapançalarını gözdən keçirdi. Kişilərin bu hazırlıq tədbiri qızı qorxutmadı. Gəldikləri bu uzun yolda buna alışmışdı. Qız öz yoldaşlarından geri qalmırdı. Arouhed yad adamların olduğu yerə yaxınlaşanda addımlarını yavaşıtdı və gözlərini qıydı. Qəfildən bir ağacın arxasına məharətlə qısıldı. Əli ilə ağacların arasındakı balaca talanı göstərdi.
– Oraya bax, Duzlu Su, ağüzlü adamın ocağı!
– Vallah, dostumuz haqlıdır! – deyə Kap pıçıldadı. – Görürsənmi, onlar arxayınca oturub yeyirlər, elə bil üçgöyərtəli gəminin kayutunda əyləşiblər.
Meybl pıçıltı ilə dedi:
– Arouhed yalnız qismən haqlıdır. Ocaq başında oturanların biri ağ adamdır, digər ikisi hindudur.
Arouhed iki barmağını yuxarı qaldırıb:
– Ağüzlüdür, – dedi. “Qırmızıdərili” deyərkən isə bir barmağını qaldırdı.
– Dayıcan, onun gözləri, deyəsən, heç yanılmır. Lakin indi vacib olan budur ki, dostlara, yoxsa düşmənlərə rast gəldiyimizi öyrənək.
Kap dedi ki, bunu bir dəfə qışqırmaqla öyrənmək olar. Qoca dənizçi ovcunu açıb ağzına yaxınlaşdırdı və qışqırmaq istədikdə hindu cəld işarə etdi ki, səsini çıxarmasın. Arouhed dedi:


– Oradakı qırmızıdərili mogikandır, o yaxşıdır. Ağüzlülər isə ingilisdir.
Meybl bu sözü eşitdikdə sevindi. Arouhed dedi:
– Qoy skvau[4 - Skvau – Şimali Amerikanın hindu dilində “squaw” – hindunun arvadı, qadını deməkdir.] onların yanına getsin.
Kap buna razılaşmadıqda qız cəld dilləndi:
– Bu, çox ağıllı fikirdir, dayıcan. Mən əsla qorxmuram. Kimsəsiz tək qıza heç kəs pislik etməz. Oradakı adamlar məni görüb təşvişə düşməz, ancaq təəccüb edərlər…
Arouhed qızın mərdliyini bəyəndi. Kap donquldandı:
– Belə şeylər dənizçinin şərəfinə toxunur.
– Dayıcan, qorxmaq əbəsdir. Onlar yaxındadırlar, dara düşsəm, köməyimə çatarsınız.
– İndi ki belə oldu, tapançalardan birini al, özün də…
– Yox, lazım deyil, silahsız yaxşıdır. Bir də ki silah işlətməyi bacarmıram, bacarmaq da istəmirəm.
Qız tuskaroranın məsləhətini dinləyib ocaq başında oturanlara sarı getdi. Onların diqqəti yeməkdə idi, bu vacib işdən bir dəqiqə belə ayrılmırdılar. Yüz addım qalmış Meybl yerdəki quru ağac budağını təsadüfən tapdaladıqda sınan budağın bu zəif xışıltısını eşidib ocaq başında oturanlar cəld ayağa qalxdılar. Onlardan ikisi ağaca söykənmiş tüfəngə baxdı, lakin əllərini tüfəngə uzatmadılar. Çünki gələn adamın bir qız olduğunu görmüşdülər. Hindu əvvəlki yerində oturdu və yeməyə davam etdi. Onlardan biri isə Meyblə sarı getdi.
Meybl üz-üzə gəldiyi adamın ağdərili olduğunu gördü. Onun geyimi həm ağların, həm də hinduların geyiminə bənzəyirdi. Orta yaşlarında idi. Geyimindən ovçu olduğu sezilirdi.
– Qorxmayın, xanım, – dedi, – siz burada dinclik və ədalət sevən adamlara rast gəlmisiniz. Məni bu yerlərdə yaxşı tanıyırlar. Böyük Göllərin o tayındakı fransızlar və qırmızıdərililər məni Uzun Karabin kimi tanıyırlar. Namuslu və ədalətli tayfa olan mogikanlar mənə Şahingöz adı qoyublar. Göllərin bu tayındakı qonşular və ovçular isə mənə Ləpirçi deyirlər. Əgər məndən kömək gözləyən bir adam yolun o başında olarsa, mən yolun bu başından izi tuta-tuta gedib onu asanlıqla tapıram.
Ləpirçi bu sözləri əsla öyünmədən deyirdi. Meybl onun adını eşidəndə sevincdən əlini əlinə vurub:
– Ləpirçi! – deyə təkrarladı. – Deməli, bizi qarşılamaq üçün atamın göndərdiyi dost siz imişsiniz, eləmi?
– Əgər siz serjant Dunhamın qızısınızsa, onda dediyiniz sözlər doğrudur.
– Mənim adım Meybldir, dayım və bizə bələdçilik edən tuskarora bax o ağacların arxasında dayanıblar, dayımın adı Kap, tuskaroranın adı Arouheddir.
– Mən istərdim ki, sizə başqa, daha etibarlı bir hindu bələdçilik etsin, – deyə Ləpirçi dilləndi. – Bu tuskaroralar mənim o qədər də xoşuma gəlmirlər. Arouhed şöhrət sevən tayfa başçısıdır. İyun Şehi də onun yanındadırmı?
– Bəli, o da bizimlə gəlib. Bilsəydiniz, bu qadın nə qədər mülayim bir varlıqdır!
– Özü də ürəyitəmiz və düzlük sevən qadındır. Arouhed haqqında isə bunu demək olmaz.
Bu zaman Kap və Arouhed qızın Ləpirçi ilə mülayim söhbət etdiyini görüb onlara yaxınlaşdılar.

İkinci fəsil
Mogikan yeməyini kəsmədi. Onun yanındakı gənc isə ayağa qalxaraq Meyblin qarşısında dayandı və şlyapasını ədəblə çıxardı. Gəncin geyimindən dəniz həyatına alışmış olduğu görünürdü. Türklərin adətləri, dilləri və geyimləri onların müsəlman olduqlarını o saat göstərdiyi kimi, dənizçilərin adətləri və dilləri də onların hansı peşə sahibi olduqlarını asanlıqla göstərir.
Meybl dənizçi gənclə rastlaşanda başını aşağı saldı. Ləpirçi mehribanlıqla gülümsünüb dedi:
– Budur, sizi qarşılamaq üçün atanızın göndərdiyi dostlar… Bu cəsur delavarın[5 - Delavar – ABŞ və Kanada ərazisində yaşayan hindu tayfası] adına Böyük İlan deyirik. Bu kişiyə ona görə belə ad qoyulub ki, çox fərasətlidir, bütün hiylələrdən başı çıxır. Şübhə yoxdur ki, Arouhed mənim nə dediyimi başa düşür.
Bu an iki hindu bir-birini çox diqqətlə süzdü. Sonra tuskarora mogikana yaxınlaşdı və onunla söhbətə başladı.
Ləpirçi isə sözünə davam etdi:
– Mister Kap, budur, gənc dostum – Casper Vestern. Günü Ontarionun sularında keçir.
Kap gənc dənizçinin əlini mehribanlıqla sıxaraq dedi:
– Sizi görməyimə şadam. Bu mənim bacım qızı Meybldir, mən ona Maqni deyirəm. Kompasdan başınız çıxırsa, bacım qızına nə üçün Maqni dediyimi, bəlkə, anlaya bilərsiniz.
– Bunun səbəbini başa düşmək çətin deyil. Maqni kimi bir kompası olan gəmiçi heç vaxt yolu azmaz.
– Belə de! Görürəm ki, siz təhlükəli dəniz səfərlərində az olmamısınız. Dənizçilər arasında işlənən sözləri bilirsiniz.
Gənc Vesternin qəlbində ömrünü okeanlarda keçirmiş bu adama qarşı dərin hörmət hissi oyandı. Bu vaxt Ləpirçi əlində buğlanan xörək gətirdi. Onlar yeməyə əyləşdilər. Casper Vestern süfrədə Meyblə qulluq göstərməyə başladı. Quş ətinin ən dadlı parçasını ona təklif etdi.
Yolçular kifayət qədər yedikdən sonra ordan-burdan söhbət etməyə başladılar. Ləpirçi deyirdi:
– Əsgər adı şərəfli addır. Ancaq gərək haqq işi uğrunda vuruşasan. Təqsir həmişə fransızlarda olur. Mən yalnız minqlərlə[6 - Minq – ABŞ və Orta Asiya ərazisində yaşayan tayfalar] vuruşandan sonra çox şirin yatıram. Hindular kimi deyil, ağ adam kimi vuruşmaq mənim adətimdir; məsələn, bizim bu İlanın öz vərdişləri, mənim öz vərdişlərim var. Mən həm sərrast atıcıyam, həm də ləpirləri tanımaqda mahirəm, onda ovçu və kəşfiyyatçı vərdişləri var. Amma bax, serjantın qızı ilə söhbət edən Casper başqa adamdır. O da balıq kimi su ilə nəfəs alır. Hindular və fransızlar Casperin bu bacarığına görə ona Şirin Su adını veriblər.
– Boynuma alıram ki, bu ocaq mənim bütün dənizçilik biliklərimi alt-üst etdi. Arouhed sizin ocaqdan qalxan tüstünü görən kimi dedi ki, bu ocağı ağüzlü adam qalamışdır, – Kap dedi.
Ləpirçi xısın-xısın gülərək cavab verdi:
– Arouhedin belə gözləri olmasaydı, o, pis hindu olardı. İndi müharibə gedir, ona görə də hər bir hindu öz hisslərini itiləməmiş səfərə çıxmaz.
– Kral donanmasında az xidmət etmişəm, bu, doğrudur. Amma düşmən gəmilərinə basqın edib onları bütün var-yoxu ilə birlikdə ələ keçirməyə gəldikdə isə bu işdə çox mahirəm. Ancaq ümidvaram ki, fransızların müttəfiqləri olan vəhşilərə gölün bu tayında rast gəlməyəcəyik. Ontario çox böyükdür, eləmi? – Kap soruşdu.
– Doğrudur, Ontario bizə böyük görünür. Lakin gölün o tayından bu tayına düşmən üzə-üzə keçməyə cürət etməyəndə asanlıqla onun yanından dolanıb keçə bilir, – deyə Ləpirçi təbəssümlə cavab verdi.
– Hə-ə! Sizin bu lənətə gəlmiş şirin sulu gölməçələriniz belə imiş? Hələ heç kəs eşitməyib ki, Atlantik okeanının yanından ötüb-keçmək mümkün olsun.
– Bəlkə, okeanın sonu yoxdur?
– Okeanın nə sonu var, nə kənarı, nə də dibi. Onun sahilindəki ölkələrdə adamlar gecələr rahat yatır. Bilirlər ki, heç kəs okeanın o tayından üzüb bu tayına gələ bilməz.
– Amma bu sərhəd çox qorxuludur. İndi Ontarionun həm bu, həm o tayında irokezlər[7 - İrokez – ABŞ və Kanada ərazisində yaşayan hindu tayfası] çoxdur. Bax buna görə də serjant xahiş etdi ki, sizi qarşılayaq və ötürək.
– Necə? Olmaya onlar əlahəzrətin qalasının topları qurulan yerə yaxınlaşmağa cürət edirlər?
– Ovçu yaxında olsa da, qarğalar maral cəmdəyinin yanına toplaşmırmı? İrokezlərin buralara gəlib çıxması da təəccüblü deyil. Serjant öz qızından, onu necə sevdiyindən Casperə ağlaya-ağlaya danışdı. Ona görə də Casper minqlərin üstünə əliyalın cummağa hazır idi. Odur ki bizə qoşulmaya bilməzdi!
Kap ona razılıq etdi. Ləpirçi Casperin həyatının oraların itiaxan, təhlükəli pusqular qurulmuş çaylarında çoxlu təhlükələrdən keçdiyini dedi və əlavə etdi:
– Amma siz bizə bel bağlayın, biz sizi sağ-salamat apararıq, ya da hindular skalplarımızı[8 - Skalp – hindular tərəfindən hərbi qənimət kimi düşmənin başından saçları ilə birlikdə kəsilmiş dəri] soyub aparar.
Kap bu sözləri Ləpirçidən eşidəndə əlini ixtiyarsız olaraq daz başına çəkdi. Sanki başının dərisinin soyulmadığını yoxlamaq istəyirdi. Kap qorxaq adam deyildi. Lakin ölümü Ləpirçinin təsvir etdiyi şəkildə görməmişdi.
– Cənab Ləpirçi, ümid edirəm körpüyə sağ-salamat yan alarıq. Qalaya çatmağa hələ çox var? – o soruşdu.
– On beş mildən[9 - Mil – 1609 metrə bərabər uzunluq vahidi] bir az çox. Minqlər mane olmasalar, tez keçib-gedərik. Çayın axarı ilə qayıqda gedəcəksiniz.
– Biz çayda üzəndə minqlərin bizi atəşə tutmasına nə mane ola bilər?
– Mister Kap, Böyük İlanın başına baxın. Sol qulağının yanında bıçaq çapığını görürsünüzmü? Bir dəfə minqlərdən biri onu yerə yıxıb skalpını soymaq istəyəndə özümü ona yetirdim. Uzun tüfəngimdən atılan güllə onu xilas etdi. Bir an geciksəydim, onun işi bitərdi.
– Bəsdir, bəsdir, Ləpirçi! Bu barədə danışmaqdansa, təpədən-dırnağa soyulmaq yaxşıdır. Axşama az qalır. Maqni, yola çıxmağa hazırsanmı?
Maqni getmək üçün hazırlaşmağa başladı. Bir qucaq şax gətirən Ləpirçi onu ocağa atdı və gənc matrosa dedi ki, tüstü zərər yerinə xeyir verər. Qoy minqlər uzaqdan bu tüstünü görüb bura yaxınlaşsınlar.
– Biz çaya qədər enli bir cığır salarıq. Minqlər ardımızca çaya ensələr, bizim qayığın çayyuxarı, yoxsa çayaşağı getdiyini bilməyəcəklər. Elə biləcəklər ki, qaladan bir neçə adam bura gəlibmiş.
– Əlbəttə, çətin ağlım kəsir ki, minqlər serjantın qızından xəbər tutmuş olsunlar. Çünki onun gəlişi çox gizlin saxlanmışdı, – deyə Casper Ləpirçi ilə razılaşdı.

Üçüncü fəsil
Ontarionun cənubuna tökülən çaylar lal axır və dərin olur. Çayların bəzi yerlərində aşırımlar var. Osveqo çayı da belədir. Kap və onun yol yoldaşları Mohauk çayı sahilindəki Stanuiks qalasından buraya qayıqla üzüb gəlmişdilər. Qayığı sahildə qoymuşdular.
Dəstə sahilə enəndə Ləpirçidən başqa hamı qayığa mindi. O, qayığı itələyib suya salmaq üçün sahildə qaldı.
– Casper, sükanı döndər! O lənətə gəlmiş minqlər izi tutub buraya gəlsələr, sahildə bizim izləri görüb elə biləcəklər yuxarı üzüb getmişik!
Əmr yerinə yetirildi. Sonra Ləpirçi cəld sıçrayıb qayığın burun tərəfinə mindi. Casper çayın ortasında qayığı döndərdi və səssizcə çayaşağı üzdülər.
Hinduların istifadə etdiyi bu qayıqlar yüngül görünsə də, çoxlu yük götürür və ağırlığa tab gətirirdi. Meybl və dayısı yerlərində sakitcə əyləşmişdilər. Böyük İlan onun yanında çöməlmişdi. Arouhed öz arvadı ilə ön tərəfdə oturmuşdu.
Bu hadisələr 175… ildə baş vermişdi. Bu zamanlar Nyu-York koloniyası ilə Kanada sərhədi arasında əlaqə saxlamaq- dan ötrü Şamplen və Corc göllərindən, bir də Mohauk, Vudkrik və Oneida çaylarından istifadə olunurdu. Bu yollar boyunca hərbi postlar yaradılmışdı. Mohaukun mənbəyindəki sonuncu qaladan Osveqo çayının töküldüyü yerədək yüz mil məsafədə belə postlar yox idi. Kap və Meybl bu məsafəni Arouhedin müşayiəti ilə keçib gəlmişdilər.
Ləpirçi deyirdi:
– Bəzən arzu edirəm ki, yenə dinclik olsun, insanlar bu meşələrdə sərbəst gəzə bilsinlər. Nə yaxşı vaxtlar idi! Böyük İlanla bu yerlərdə ov edər, xoş günlər keçirərdik.
Birdən onların qulaqlarına uğultu səsi gəldi. Ləpirçi Kapın diqqət kəsildiyini görüb dedi:
– Bu səs buradan yarım mil uzaqda çayın qayalardan aşıb keçməsindən əmələ gəlir.
– Deməli, bu çayda şəlalə var, eləmi? – deyə Meybl soruşdu. Uğultu səsi qızı qorxutmuşdu.
– Olmaya siz, doğrudan da, bu qoz qabığı ilə şəlaləni keçmək fikrindəsiniz? – Kap təəccüblə soruşdu.
– Sizə niyə qəribə gəlir? Yolumuz şəlalədən keçir, – Ləpirçi dönüb Casperə göz vurdu. – Amma biz sizin köməyinizə bel bağlayırdıq, dənizçi dostum. Siz ki dənizlərə alışmışsınız.
Kap çətinə düşmüşdü. Qayığı şəlalədən keçirmək üçün sərnişinlərdən dördü sahilə düşməli idi. Kap yoldaşlarının əsla qorxmadıqlarını gördü və qayığı tərk etməyə mənliyi yol vermədi.
– Bəs Maqnini nə edək? – deyə soruşdu. – Birdən hindular yaxınlıqda olsalar?
Ləpirçi izah etdi ki, sahil açıqlıqdır, hindular belə yerdə olmurlar. Onlar qalın meşələrdə hiylə işlədib qəfildən hücum etməyi xoşlayırlar. Bu vaxt Casper lazımi yerə çatdıqlarını görüb qayığı sahilə yaxınlaşdırdı. İki hindu, İyun Şehi və Meybl sahilə düşdülər. Qayıqda Ləpirçi ilə iki dənizçi qaldı. Sahildəkilər bu üç adamın qayığı şəlalədən necə məharətlə keçirdiklərinə maraqla baxırdılar.
Qayıq şəlalədən ustalıqla keçirilib axmaza çıxdıqda Kap keyiyib qalmışdı. Ləpirçinin səsi eşidildi:
– Qayığa on dörd qaşıq su dolmuşdur, Şirin Su!
– Mister Kap özünü çayın axarına qarşı elə qüvvətlə əyirdi ki, qayığı çətinliklə idarə edə bilirdim.
– Bunu mən də gördüm. Çünki sən əvvəllər qayığa ən çox onca qaşıq su doldururdun…
Bu vaxt Kap bərkdən öskürdü, dönüb geriyə baxdı. Onun qorxuya düşməsi əbəs deyilmiş. Çayın, demək olar, bütün eni ilə su on – iyirmi fut[10 - Fut – ingilis ölçü sistemində 30,48 sm-ə bərabər uzunluq vahidi] yüksəklikdən tökülürdü. Qayıq bu təhlükəli enişdən, qayaların arasından suyun ovduğu yerlərdən sivişib keçmişdi. Qayığı sürənlərin ağlagəlməz cürətinə heyran qalsa da, Kap özünü o yerə qoymur, bunu adi bir iş hesab etdiyini deyirdi. Onlar Casperin öz qayığını kolların arasında gizlətdiyi yerə gəlib çatdılar. Kap, Casper və Meybl üçü bir qayığa, Ləpirçi, Arouhed və onun arvadı o biri qayığa mindilər. Mogikan isə çayın kənarı ilə gedir, əsl hindu kimi çox ehtiyatla ətrafa göz gəzdirir, bu yerlərdə düşməndən bir əlamət olub-olmadığına fikir verirdi.


Meybl gənc matrosun qayığı məharətlə idarə etməsinə valeh olmuşdu. Onlar Stanuiks qalasından çıxandan bəri o, ilk dəfə məhz bu kiçik qayıqda əmin-amanlıq tapmışdı.
O biri qayıq Meyblin mindiyi qayıqla yanaşı gedirdi. Yol uzunu yalnız Ləpirçi arabir söhbət edirdi. Casper az danışırdı. Ləpirçi üzünü Kapa tutub deyirdi:
– Serjantın qızını şəlalədən keçirmək fikrində deyildik. Lakin bunu qorxusuz bir şey hesab edən qadınlara bu diyarda çox rast gəlmişəm, – deyə Ləpirçi gülümsəyib Meyblə baxdı. – Xanım qız, bizim qayıq cıdırı haqqında öz fikrinizi demədiniz.
– Təhlükəli idi, özlüyündə misilsiz bir qoçaqlıq idi. Arzu edərdim ki, belə fədakarlığa bir daha qol qoymayasınız. Bunu edənlərin hünərinə heyran qaldığımı söyləyə bilərəm, – Meybl dilləndi.
– Bu təhlükəli keçid ancaq xeyrimizədir. Əgər qayığı çiynimizə alıb aparsaydıq, vaxt itirərdik. Minqlərdən yaxa qurtarmaq lazım gəlir…
– Amma indi qorxumuz yoxdur. Qayıq sürətlə gedir. Özünüz deyirdiniz ki, iki saatdan sonra qalada olacağıq.
– İrokezin cürəti çatmaz ki, başınızın bircə tükünə belə toxunsun. Serjanta söz vermişik ki, sizi hər cür təhlükədən qoruyacağıq… Casper, o nədir? Çayın döngəsində, kolluğun dibində?..
– Böyük İlandır, Ləpirçi! İşarə ilə bizə nə isə demək istəyir, amma mən onu başa düşə bilmirəm.
– Doğrudan da, İlandır. İstəyir ki, biz sahilə yan alaq. Görünür, bir əngəl var. İlan kimi ağıllı adam boş yerə hay-küy qaldırmaz…

Dördüncü fəsil
Onlar mogikana yaxınlaşdıqda hindu işarə etdi ki, qayıqları saxlasınlar. Hindu Ləpirçi ilə delavar dilində danışıb məsləhətləşməyə başladı.
– Minqlər meşədədir, – mogikan məlumat verdi.
– Başçının sübutu varmı?
Mogikan daşdan düzəldilmiş tənbəki çubuğunu göstərib onu qarnizona gedən cığırda hələ yanarkən tapdığını dedi. O vaxtlar sərhəd istehkamlarını “qarnizon” adlandırırdılar.
– Yaman yerdə axşamladıq, başçı… Cığır hanı?
Mogikan əli ilə göstərdi. Onların hər ikisi qalxıb oraya gəldi. Cığırı diqqətlə gözdən keçirməyə başladılar. Sonra Ləpirçi geriyə tək qayıtdı. Onun qırmızıdərili dostu isə meşədə yox olmuşdu. Həmişə üzündə arxayınlıq sezilən Ləpirçi bu dəfə həyəcanlı görünürdü.
– Nə olub, mister Ləpirçi? – Kap pıçıltı ilə soruşdu.
– Buradan yüz yard[11 - Yard – 81 sm-ə bərabər ingilis uzunluq vahidi] o tərəfdə əclaf minqlərin izi var. Ən pisi odur ki, minqlər qarnizona tərəf yollanıblar. İndi kim qalanın dövrəsindəki açıqlığa ayaq bassa, irigözlü minqlər onu dərhal görüb güllələr vıyıldadacaqlar.
– Məgər toplarla atəş açıb düşməni uzaqdan pərən-pərən salmaq mümkün deyil?
– Qarnizonları iri qalalarla müqayisə etmək olmaz. Bunların iki-üç xırda topu çayın ağzına tərəf yönəldilib. Bu toplar meşədə ağacların arxasında gizlənmiş bir dəstə minqə atəş açsa, əbəs yerə barıt sərf edər. İndi bir çarəmiz var. Biz burada gözləyərik, sahil və kolluq bizi giz- lədər. Bizi yalnız çayın o biri sahilindən görə bilərlər. De- məli, burada ləngisək, bizə heç nə olmaz. Amma bir iş var ki, bu qaniçən məlunları çayla başyuxarı getməyə necə məcbur edə bilərik? Aha, tapdım, tapdım! Casper, çayın o tayındakı qollu-budaqlı şabalıd ağacını görürsənmi?
– Yıxılmış şam ağacının yanındakı?
– Özüdür ki var! Çaxmaqdaşı götür, çayın kənarı ilə tez get, orada ocaq qala. Bəlkə, minqlər ocağın tüstüsünə gəldilər. Biz qayıqlara minib bax oraya enərik və başqa bir sığınacaq taparıq. Orada kol çoxdur, gizlənmək asandır.
Casper cəld sahilə tullandı. Ləpirçi gülə-gülə dedi:
– Şirin Su, bu dəfə də yaş budaqları əsirgəmə.
…Casperin ocaq qaladığı yerdən bura aydın görünürdü. Amma hər iş ehtiyatla görüldü. Sonra onlar qayıqları kolların arasından çıxarıb çayın axarı ilə sürməyə başladılar. Ocaq qalanan yer gözdən itənədək uzaqlaşdılar.
Çayın üstündə burula-burula tüstü qalxırdı. Arouhed:
– Lap çox tüstü olanda, – dedi, – hiylə də çox olur.
– Haqlı sözdür! Minqlər bu tüstünü görəndə elə biləcəklər irlandiyalı və ya şotlandiyalı əsgərin başı şorba və ya kartof bişirməyə qarışıb.
– Deyirlər ki, buradakı əsgərlər fəndgirlikdə hindulardan geri qalmırlar. Doğru deyilmi? – Meybl soruşdu.
– Yox, doğru deyil. Əsgərlərin təcrübə toplaması onların ağlını heç də artırmır. Bir hindu böyük bir alaydan qat-qat fəndgirdir.
Onlar yenə yola davam etdilər və gəlib çayın sahilində kiçik bir körfəzə çıxdılar. Bura gizlənmək üçün münasib idi. Körfəzin arxası isə bataqlıq olduğundan oradan çətin ki kimsə keçə bilərdi.
Ləpirçi yeni mövqeyi diqqətlə gözdən keçirib hindu ilə yaxınlıqdakı kola girdi. Onlar səs salmadan qızılağacdan bir neçə budaq kəsdilər və qayıqların qabaq tərəfindəki bataqlığa sancdılar. On dəqiqə ərzində çəpər dü- zəltdilər. Çayın o tayından baxdıqda çəpər sahildə bitmiş təbii kollara bənzəyirdi. Ləpirçi kənardan öz işinə baxıb razı qaldı.
Casper geri qayıdarkən qayıqları öz əvvəlki yerlərində görməyib bildi ki, yoldaşları qayıqla çayın döngəsindən burulub keçiblər. O, iz salmamaq üçün çayın içi ilə getməyə məcbur olmuşdu. Sahilə baxa-baxa irəliləyirdi. Kolluğun arxasındakılar gördülər ki, Casper çaşıb-qalıb və onların harada gizləndiklərini anlaya bilmir. Ləpirçi budaqları azca aralayıb onu yavaşca səslədi. Casper onların gizləndikləri yerə gəldi.
Ləpirçi yoldaşlarına bildirdi ki, İlan qayıtmayınca buradan tərpənmək olmaz.
– İndiki halda yola çıxsaq və bizi təqib etsələr, mütləq əsir düşərik. Qayıqları burada qoyub yola çıxsaq, qarnizona qədər meşədə arxamızca böyük iz salarıq və əldə silah vuruşa-vuruşa özümüzə yol açmalı olarıq. Gözləyək, mogikan gəlib çıxsın.
Heç kəs etiraz etmədi.
Arouhed kolların arasında öz arvadı ilə danışırdı. Hindunun səsi qəzəbli idi, arvadı isə ona mülayimcəsinə cavablar verirdi. Ləpirçi ilə Kap qayıqda oturmuşdular. Casper və Meybl o biri qayıqda idilər.
Birdən Casper mogikanın gəldiyini xəbər verdi.
– Çox yaxşı! İndi görək kimin gözü itidir, mogikanın, yoxsa suda yaşayan oğlanın? – Ləpirçi dedi.
Mogikan da Casperin gəldiyi tərəfdən gəlirdi. Lakin çay dirsəyini burulan kimi özünü kolluğa verib geriyə baxdı.
– İlan o alçaqları görür! – Ləpirçi pıçıldadı. – Onlar hiyləmizə aldanıblar. Xəlvətcə tüstüyə sarı gedirlər.
Ləpirçi dirsəyi ilə ehmalca Kapı vurdu, sonra yenə səssizcə mogikanın – Çinqaçqukun hərəkətlərini izləməyə başladı. Mogikan su ilə irəliləyirdi. O tələsirdi. Gah geriyə baxır, gah da sahilə göz yetirib qayıqların harada gizlədildiyini bilməyə çalışırdı. Nəhayət, oranı tapdı. Ləpirçi budağı aralayıb astadan soruşdu:
– Yenə lənətə gəlmiş minqlər?
– İrokezlər, – deyə mogikan qısa cavab verdi.
Onların hər ikisi bir kənara çəkilib oturdu və delavar dilində danışmağa başladı. Mogikan xəbər verdi ki, irokezlər qalanmış ocağı tapıb ona yaxınlaşıblar. Lakin ətrafda heç kimin olmadığını görüb çayın axarı ilə hərəkət etməyi qərara alıblar.
Onlar vəziyyətdən çıxış yolları barədə mülahizələr yürüdən vaxt Meybl heç bir səs çıxarmadan budaqların arasından açıqlığı göstərdi. Ləpirçi yarpaqların arasından baxaraq pıçıldadı:
– Onlar lənətə gəlmiş minqlərdir! Silaha sarılın, dostlar, ancaq quru kötük kimi tərpənməz olun.
Casper tüfənginin çaxmağını çəkərək onu hazır tutmuş halda Meyblin yanında dayandı. Arouhed və Çinqaçquk ilan kimi sürünərək onların yanında uzandılar. Tuskaroranın arvadı kətan ətəyini başına çəkdi və otur-duğu yerdə donub-qaldı. Kap tapançasını çıxarmışdı, lakin nə edəcəyini bilmirdi. Ləpirçi yerində uzanıb qımıldanmırdı. O, çox soyuqqanlı idi, özünü əsla itirməmişdi.
Dəhşətli dəqiqələr idi. Meybl açıqlığı göstərdiyi vaxt onlardan yüz yard aralıda üç irokez bir yerdə dayanıb suyun axarı ilə aşağı baxırdı. Aydın idi ki, onlar ingilislərin yerini tapmaq üçün hansı səmtə getməli olduqlarını bilmir və tərəddüd edirdilər. Biri çayın yuxarısını, biri aşağısını, digəri isə qarşı sahili göstərirdi.

Beşinci fəsil
Ləpirçi çox təhlükəli vəziyyət yarandığını anlamışdı. O, işarə ilə adamlarını yanına çağırdı və pıçıldadı:
– Biz hazır olmalıyıq! Onlar üç nəfərdir. Şirin Su, üzünə ölüm boyaları çəkilmiş o eybəcəri sənə tapşırıram, Çinqaçquk, sən də onların rəhbərinin işinə baxarsan. Arouhed isə cavan irokezi gərək gözdən qoymasın. Dolaşıq salmayın. Mən işarə verməyincə atmayın! Son dəqiqədə, çarəsiz qaldıqda güllə atacağıq. Casper, əgər arxa tərəfdən basqın etsələr, qayığı və serjantın qızını sənə tapşırıram.
İrokezlər yavaş-yavaş gəlir, kolluğa yaxınlaşmağa çalışırdılar. Bu zaman yolçular yarpaqların xışıltısını və sınan budaqların səsini eşitdilər. Başqa bir dəstə arxa tərəfdən sahil ilə gəlirdi. Dəstələr tezliklə bir-birini gördü.
İrokezlər Ləpirçinin basdırdığı kolların üstündən baxır və öz dillərində danışırdılar. Ləpirçi və hər iki hindu onların dilini başa düşürdülər. Casper də onların dediklərini bir az anlayırdı.
– İzləri su yuyub aparıb. Onların izini ingizlərin iti də tapa bilməz, – irokez döyüşçülərdən biri dedi.
– Onlar qayıqda üzüb getmişlər, – digəri dilləndi.
– Ola bilməz, onlar üzüb getmiş olsaydılar, çayın aşağısındakı döyüşçülərin gülləsindən qurtula bilməzdilər.
– Mənim döyüşçülərim irigözlü olmalıdır. Bir ay yol gəlmişik, bu müddətdə yalnız bircə skalp ələ keçirə bildik… Onların arasında qız var, bizim döyüşçülər isə evlənməlidir, – irokez dəstəsinin başçısı dedi.
Xoşbəxtlikdən Meybl onların dediklərini anlamırdı. Ləpirçi mənalı bir tərzdə Casperə baxdı. Casperin qaşları qəzəblə çatıldı.
İrokezlər sahilə göz gəzdirərək yavaş-yavaş çayla aşağı getdilər. Onlar basdırılmış süni kolların yanından keçəndə Ləpirçi səssizcə güldü. Lakin onun sevinci çox çəkmədi. Lap sonda gedən irokez birdən dayandı və süni kolluğa diqqətlə baxmağa başladı. Şübhələndiyi hiss olunurdu. Bu, gənc və təcrübəsiz bir hindu idi. Yoldaşlarına xəbər vermədən oraya yanaşdı. Hinduların hər iki dəstəsi xeyli irəlidə idi.
Yolçular gözlərini gənc irokezin dalğın üzündən çəkmirdilər. Nəhayət, o, şübhəsini yoxlamaq üçün iki budağı araladı və bir addım irəli gəldikdə qarşısında heykəl kimi dayanmış adamları gördü. İrokez diksindi, gözləri parıldadı, sinəsindən boğuq bir inilti qopdu. Çinqaçquk tomahavkını qaldırdı və onu dəhşətli bir qüvvə ilə irokezin başına endirdi. İrokez qollarını yana açıb çaya düşdü. Onu saxlamaq mümkün olmadı, su onu alıb apardı.
Bu, bir anda baş verdi.
– İndi bir saniyə də ləngimək olmaz! – Casper dedi.
Meybl qayıqda uzandı. Casper cəld çaya atılıb qayığı suya saldı. Mister Kap ona kömək edirdi. Onlar çalışırdılar ki, sahildən uzaqlaşmasınlar. Ləpirçinin qayığı onların dalınca gedirdi. Ləpirçi çayın dirsəyindən keçəndə baxıb gördü ki, Arouhedlə arvadı yoxa çıxıb. Dərhal anladı ki, tuskarora xain çıxıb.
Bu anda çayın aşağı tərəfindən qışqırıq səsləri eşidildi. İrokezlər suda axan meyiti görmüşdülər. Ləpirçi çayın ortasına çıxmaqla güllələrə hədəf oldu. Casper, Kap və Meybl isə qarşı sahilə çıxıb qayıqdan düşdülər və kolluqda gizləndilər. İndi onlar təhlükəsiz yerdə idilər.
Ləpirçi irokezlərin çarpaz atəşi altına düşmüşdü. Lakin o, yaxşı bilirdi ki, gülləyə tuş gəlməmək üçün daim hərəkətdə olmalı, qayığın səmtini tez-tez dəyişdirməlidir. Ancaq vəziyyət birdən pisləşdi. İrokezlərin təxminən onnəfərlik keşikçi dəstəsi oraya gəlib çıxdı. Çay bu yerdə aşırım əmələ gətirmişdi. Əgər qayıq aşağı getsəydi, su onu irokezlər olan sahilə aparacaqdı. Onda Ləpirçi ya öləcək, ya da əsir düşəcəkdi. Ona görə də o, var qüvvəsi ilə qayığı o biri sahilə çıxarmağa çalışırdı. Ləpirçi bunun mümkün olmadığını görəndə tüfəngini götürüb qayıqdan daşların üstünə hoppandı və daşdan-daşa atılaraq qərb sahilə çıxmağa çalışdı. Qayıq isə daşlara toxuna-toxuna gəlib irokezlər tərəfdə sahilə dəydi. İrokezlər onun bu qoçaqlığına mat qalmışdılar. Sonra özlərinə gəlib atəş açdılar. Güllələr onun paltarını bir neçə yerdən deşmişdi.
İrokezlər Ləpirçinin qayığının başına toplaşaraq ona minib bu taya keçmək istəyirdilər.
Bu zaman kollardan Casperin səsi gəldi:
– Ləpirçi, bu taya keçməyə cürət etsələr, biri də salamat qurtara bilməz.
– Şirin Su, bu gün bircə güllə də atmamışam. Özümü o avaralara tanıtmayınca əl çəkən deyiləm. Əclaf Arouhedi irokezlərin arasında gördüm. “Vəfalı” çıxdığına görə mükafata layiqdir. Ümidvaram ki, serjantın qızını güllə qabağına gətirməyibsən.
– Bu barədə narahat olma.
– Onun salamatlığı irokezlərin üzüb bu taya gəlmələrindən asılı olacaq. Onlar bilir ki, biz çox deyilik. Əgər buraya gəlsələr, dəstənin bir qismini sahildə qoyacaqlar. Gərək minqlərin bu taya adlamasının qarşısını iki saatlığa alaq. Sonra qaranlığın düşməsindən istifadə edərik.
Casper sahilə çıxan kimi Meybli bir ağacın koğuşunda gizlətmiş, qarşısını göyəm kolları ilə hörmüşdü.
Ləpirçi və Casper qayığı təhlükəsiz yerə qoydular. Kolların arasında münasib mövqe seçdilər.
– İndi görək, Casper, bu minqlərdən hansı biri cürət edib Osveqonun bu tayına keçəcək? Özü də mənim “maralvuranım” dişlərini qıcırtdığı bir vaxtda. Bir ora bax, əclafların üçü qayığa minir. Yəqin, onlar elə güman edir ki, biz qaçıb getmişik.
İrokezlər, doğrudan da, çayı keçmək fikrində idilər. Elə güman edirdilər ki, yolçular qaçıb özlərini xilas etmək istəyirlər. Onlar avar çəkə-çəkə suyun axarı ilə üzüyuxarı gəlirdilər.
– Əgər mister Kap da tapançasını işə salsa, biz onların bu taya keçməsinə imkan verib qayığımızı geri qaytarmış olarıq.
Onlar yaxınlaşırdılar. Elə bu vaxt çayın şərq sahilindən güllə açıldı. Sükançı titrəyib suya yıxıldı.
– Afərin, Böyük İlan! Amma gərək hay-küy qoparmayaydı. Görünür, bizim yaxında olduğumuzu bilmir.
Qayıqdakı digər iki irokez çaşıb-qalmışdı. İti axan su qayığı alıb apardı. Daşlara çırpılan qayıq döndü, onların hər ikisi çaya düşdü. Lakin bu yerdə su dayaz olduğundan onlar daşların üstünə çıxdılar. Amma silahlarını itirmişdilər. Qayıq isə çayın ortasında bir daşa ilişib qaldı. O biri taydakı irokezlərin diqqəti bu mənzərədə idi. Ölü irokezin meyitini su vurub aşırımdakı iri daşların birinin üstünə çıxarmışdı.
Amma iki tərəfdən heç biri həmin qayıqdan daha istifadə edə bilməyəcəkdi.
Elə bu vaxt Ləpirçi “maralvuranla” qarşı sahildə da-yanıb Çinqaçquku nişan alan irokezə atəş açdı. İrokezin də gülləsindən atəş açıldı, lakin bu güllə havaya getdi, özü isə kolluğa yıxıldı.
Ləpirçi yerdə oturub tüfəngini yenidən səylə doldurmağa başladı. Qarşı sahildəki minqlər geri çəkilir və özlərinə sığınacaq axtarırdılar. Casper bu vaxt suda bir qaraltı gördü:
– O nədir, bizə tərəf üzüb gəlir, itdir, yoxsa maral?
Ləpirçi diksindi. Gördü ki, aşırımdan yuxarıda çayla nə isə üzüb gəlir, amma yavaş üzür və bu taya yaxınlaşır. Onun başı kol budağına oxşayırdı.
– Bu, hindularin kələyidir.
Qaraltı sahilə yaxınlaşdıqda Ləpirçi səssizcə güldü.
– Canıma and içirəm ki, Böyük İlandır! Budaqlardan hördüyü örtüklə başını gizlədib. Silahını isə ağac kötüyünə bağlayıb gətirir. Üzündəki boyadan tanıdım. Onun qırmızı dərisinin altındakı ürəyi səmimidir. Səs eləmə!
Bu zaman Böyük İlan hər iki yoldaşın dayandığı sahilə yaxınlaşdı. Sudan çıxdıqda it kimi silkindi.

Altıncı fəsil
Ləpirçi yaxın gəlib mülayim sözlərlə Çinqaçquku bir düjün[12 - Düjün – on iki; sayı on iki olan] minqə pusqu qurmaqla ehtiyatsızlığa yol verməkdə məzəmmət etdi. Hindu dedi:
– Böyük İlan mogikan döyüşçüsüdür. Onun ulu babası həmişə minqləri qırmışdır.
Casper başçının Ləpirçidən ayrılıb sahilə endiyini gördü və Ləpirçidən soruşdu:
– Axı o, nə etmək istəyir? Ona bax! Delavar daşların arasında ilişib qalan meyitə sarı gedir…
– Şöhrət xatirinə, yaxşı ad çıxarmaq xatirinə.
– Anladım. Skalp soymağa gedir.
– Nə olar ki! Bu skalp Çinqaçqukun bayrağıdır. Onu saxlayacaq ki, övladlarına göstərsin. Eh, mən nə danışıram? Axı bu qoca mogikanın nə övladı, nə də qəbiləsi qalıb… Çinqaçquk bu qoca dünyada tək-tənhadır, bununla belə, adətlərə əməl edir.
Bu zaman irokezlər o tayda bərk hay-küy qaldırdılar. İrokezlər çalışdılar ki, delavarı tutsunlar, lakin o, işini cəld və ustalıqla edib geri qayıtdı. Ələ keçirdiyi qəniməti havada fırlada-fırlada qorxunc bir səslə bağırırdı. Meybl bu səsi eşidəndə bərk qorxub qayığın içinə qısıldı.
– Bu onların musiqisidir. Onlar baraban və fleyta, şeypur və ney çalmaq əvəzinə, bu tərzdə bağırırlar. Mənim qulağım bu səslərə alışıb. Böyük İlan soyduğu skalpı qurşağına sancıb qayıdır. Hə, Casper, bircə dəqiqə ərzində plan qurmalıyıq, yoxsa minqlər fürsət tapıb bizi tutarlar, – Ləpirçi dedi.
Gecənin çox qaranlıq olacağı bilinirdi. Yolçular ümidlərini bu qaranlığa bağlamışdılar.
Onlar məsləhətləşdikdən sonra minqlər tərəfdə qalmış qayığı ələ keçirməyi qət etdilər və hazırlıq görməyə başladılar. Ləngimək olmazdı. Delavar və Casper suya girdilər. Meybl və Kap çayın sahili ilə suyun iti axan yerinədək getməli idilər. Sonra Ləpirçi ona tapşırılan qayığa mindi. Qayığı çayın həmin yerinə aparmaq lazım idi.


Ləpirçi oraya yetişəndə Kap və Meybl gəlib qayığa mindilər və həmişəki yerlərində oturdular.
Delavar və Casper zil qaranlıqda səmti götürüb qayığa yaxınlaşdıqda üçüncü bir adamın da üzə-üzə oraya yaxınlaşdığını gördülər. Çayın gur şırıltısından səs eşidilmirdi. Delavar Casperin qulağına:
– Minqdir! – dedi. – İndi belə yerdə necə hiylə işlətmək lazım olduğunu qardaşın göstərər.
Gənc dənizçi işin nə yerdə olduğunu dərhal başa düşdü. Minqlər çayı üzərək keçmək istəyirdilər.
İrokez də qayığa yaxınlaşan bu iki adamı gördü və onları özlərininki bildi. Çünki Casper üst paltarını sahildə qoymuşdu. Çinqaçquk onun işini bitirə bilərdi, lakin bu cəhdi böyük səs-küy qoparacaqdı. Odur ki səbir etməyi lazım bildi. Casper onu başa düşdü. Onlar üçlükdə qayığı daşın üstündən sürüşdürüb suya saldılar və dərin yerə gətirdilər. İrokez qayığı çayın qərb sahilinə aparmaq istəyirdi.
Onlar sahilə yaxınlaşanda irokezlərin başçısı əmr etdi:
– İki nəfər qayığı aparmalıdır. Qalanlar üzə-üzə çayı keçməli, silahları hazırlamalıdırlar.
Hindular bu əmrə tabe oldular. Zil qaranlıqda Casperi qayığın arxa tərəfində, qayığı tapmış hindunu isə ön tərəfdə qoydular. Çinqaçquk isə suya elə cumdu ki, tamam görünməz oldu. İrokezlər keçib-gedəndən sonra Çinqaçquk sudan başını qaldırdı.
Casper istiqaməti irokezin hiss etmədiyi dərəcədə dəyişdirirdi. İrokez bunu başa düşəndə onlar çayın dərin yerində idilər və irokezlərdən aralanmışdılar. Qəfildən irokez və Çinqaçquk tutaşaraq suya düşdülər və görünməz oldular. Casper qayığı öz adamlarının yanına çıxara bildi. Başlarına gələni qısaca danışdı.
– Götür bu avarı, Casper, – deyə Ləpirçi təmkinlə dilləndi. Onun qəmgin olduğu sezilirdi. – Bizim ardımızca üzüb gələrsən. Yola çıxmağımız məsləhətdir.
– Bəs İlan?
– İndi İlan, özünün dediyi kimi, Qadir Ruhun ixtiyarındadır. Bilmirik sağmı qalacaq, ya öləcək.
O biri sahildən qışqırtı səsi gəldi. Kap soruşdu:
– Cənab Ləpirçi, bu nədir? Sanki şeytan qışqırır.
– Bu qələbəni xəbər verən şadlıq bağırtısıdır. Böyük İlanın ya ölüsü, ya dirisi irokezlərin əlinə keçib. Biz buradan mümkün qədər tez uzaqlaşmalıyıq.

Yeddinci fəsil
Qayıq çayın iti axan yerinə çatdı. Çayın axarı ilə gedən qayıqlar qaranlığa qərq olmuşdu. Elə zənn etmək olardı ki, onları kimsə görə bilməz. Lakin təhlükədən xilas olduqlarına hələ əmin deyildilər.
Meybl həyatının ən qorxulu dəqiqələrini keçirirdi. Hər iki qayıq yan-yana gedəndə Casper yavaş səslə dedi:
– Meybl, qorxmursunuz ki?
– Casper Vestern, mən əsgər qızıyam. Buna görə də qorxduğumu boynuma almaq mənim üçün ayıb olardı.
– Mənə və bizim hamımıza arxayın olun.
– Sizə inanıram, Casper. Ancaq məni o qədər də aciz bilməyin. Söz verirəm ki, əbəs yerə qorxmaqla sizə mane olmaram.
– Serjantın qızı haqlıdır. Tom Dunham kimi igid atanın qızı olmağa layiqdir. Bilirsiniz, atanızla birlikdə, belə qaranlıq gecələrdə düşməni ürküdüb çox acıqlandırmışıq. Siz onu görəndə o, çayı necə üzüb keçdiyimizi və öz skalpını necə qoruduğunu sizə danışar, – Ləpirçi dedi.
– Atam mənə göndərdiyi bir məktubda bu hadisəni təsvir etmişdi.
… Hər iki qayıq qərb sahilində çayın iti axan yerinə girdi. Aşırımlarda su dəhşətli sürətlə axırdı. Casper güman edirdi ki, onlar bu sürətlə iki saata çayın ağzına çatarlar.
Çayın ətrafını bürümüş qalın meşələri yalnız min bir dildə danışan təbiətin səsləri pozurdu. Birdən Ləpirçi uzaqdan canavar ulamasını eşitdi. Anlaşılmaz və tez kəsilən bir səs idi. Həssas qulağı sınan quru budaqların səsini eşitdi. Səs çayın qərb sahilindən gəlirdi. Ləpirçi Casperə dedi:

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/dzheyms-fenimor-kuper/l-pirci-68289736/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Tuskarora – ABŞ və Kanada ərazisində yaşayan hindu tayfası

2
Kamzol – keçmişdə geyilən qolsuz qısa kişi paltarı

3
Viqvam – Şimali Amerika hindularının daxması. Adətən, heyvan dərisi, ağac qabığı və budaqlarla örtülmüş olur.

4
Skvau – Şimali Amerikanın hindu dilində “squaw” – hindunun arvadı, qadını deməkdir.

5
Delavar – ABŞ və Kanada ərazisində yaşayan hindu tayfası

6
Minq – ABŞ və Orta Asiya ərazisində yaşayan tayfalar

7
İrokez – ABŞ və Kanada ərazisində yaşayan hindu tayfası

8
Skalp – hindular tərəfindən hərbi qənimət kimi düşmənin başından saçları ilə birlikdə kəsilmiş dəri

9
Mil – 1609 metrə bərabər uzunluq vahidi

10
Fut – ingilis ölçü sistemində 30,48 sm-ə bərabər uzunluq vahidi

11
Yard – 81 sm-ə bərabər ingilis uzunluq vahidi

12
Düjün – on iki; sayı on iki olan
Ləpirçi Джеймс Фенимор Купер

Джеймс Фенимор Купер

Тип: электронная книга

Жанр: Классическая проза

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Ləpirçi, электронная книга автора Джеймс Фенимор Купер на азербайджанском языке, в жанре классическая проза

  • Добавить отзыв