Heklberri Finnin macəraları

Heklberri Finnin macəraları
Mark Tven
Dünya ədəbiyyatından seçmələr
Mark Tvenin şah əsərlərindən və dünya uşaq ədəbiyyatının ən gözəl nümunələrindən olan bu romanda Heklberri Finnin dostu Tom Soyyerlə birlikdə Missisipidə başlarına gələn maraqlı macəralardan danışılır.

Mark Tven
Heklberri Finnin macəraları

BİZİM DƏSTƏNİN ANDI
Əgər siz “Tom Soyerin macəraları” adlı kitabı oxumuşsunuzsa, onda mənim haqqımda çox şey bilirsiniz. Həmin kitabı mister Mark yazmışdır. O, bəzi şeyləri özündən uydursa da, baş verən hadisələri, əsasən, olduğu kimi nağıl etmişdir. Həmin kitabda Tom Soyerin xalası Polli xaladan, Meri və dul qadın Duqlasdan nağıl edilir.
Kitab isə belə bitir: biz Tom ilə birlikdə qarətçilərin mağarada basdırdıqları pulları tapdıq və varlanıb dövlətli olduq. Bizim hərəmizə altı min dollar çatdı. Bu o qədər çox pul idi ki, adam baxmağa da qorxurdu. Məhkəmə hakimi Tetçer bu pulu götürüb banka qoydu, biz də hər gün hərəmiz bir dollar almağa başladıq. Miss Duqlas məni oğulluğa götürdü və mənə tərbiyə verəcəyini vəd etdi. Amma onun evində günüm o qədər də yaxşı keçmirdi. O, hər cür ədəb-ərkan qaydaları ilə zəhləmi tökmüşdü. Mən isə buna dözə bilmirdim. Axırda baş götürüb qaçdım. Yenə öz köhnə paltarlarımı geyindim, boş çəlləyin içinə girib sərbəst həyata qovuşduğum üçün sevinməyə başladım. Ancaq Tom Soyer axtarıb məni tapdı və dedi ki, quldur dəstəsi toplayır. Əgər miss Duqlasın yanına qayıtsam və özümü yaxşı aparsam, o, məni bu dəstəyə qəbul edəcək. Mən də qayıtdım.
Miss Duqlasın bacısı – eynəkli, cılız adam olan miss Uotson elə həmin ərəfədə onun yanına köçdü.
O, əlinə fürsət düşdükcə məni danlayır, ağıl verməyə çalışırdı. Bir dəfə o, məni bir saata yaxın danladı, axırda miss Duqlas ona dedi ki, məni dinc buraxsın. Miss Uotson isə məndən əl çəkmirdi. O, tez-tez cənnət və cəhənnəm haqqında danışır və məni cəhənnəmə düşməklə qorxudurdu. O, mənim hər hərəkətimə irad tuturdu. Onun rəftarı məni lap təngə gətirmişdi.
Bir axşam Miss Uotsonun başı işə qarışmışdı. Mən fürsətdən istifadə edib yanan şamı götürdüm və yuxarıya, öz otağıma qalxdım. Pəncərənin qabağında oturub ürəkaçan bir şey haqqında düşünməyə çalışdım. Ancaq bundan heç nə çıxmadı. Məni elə qüssə bürüdü ki, az qala, bağrım çatlayacaqdı.
Xeyli vaxt keçdi. Mən şəhərdə, uzaq bir yerdə saatın on ikini vurduğunu eşitdim. Bir az sonra qaranlıqda ağac budağının xışıldadığını duydum. Orada nə isə tərpənirdi. Mən qımıldanmadan oturub qulaq asmağa başladım. Elə o saat kim isə lap yavaşcadan miyoldadı: “Miyo, miyo…”. Mən də mümkün qədər yavaşca miyoldadım: “Miyo, miyo…”. Sonra isə şamı söndürüb pəncərədən anbarın damına qalxdım. Oradan sürüşərək yerə düşüb ağacların altında gizləndim. Zənnim məni aldatmamışdı. Orada məni Tom Soyer gözləyirdi.
Biz ayaqlarımızın ucunda səs salmadan bağçanın qurtaracağına sarı getməyə başladıq. Ağacların budaqları başımıza toxunmasın deyə, aşağı əyilə-əyilə gedirdik. Mətbəxin yanından keçəndə ayağım kötüyə ilişib səs elədi. Biz yerə yataraq səsimizi kəsdik.
Həmin vaxt Miss Uotsonun zənci kölələrindən biri – Cim mətbəxin astanasında oturub mürgü döyürdü.
Tom dodaqlarını astadan marçıldadıb ona işarə etdi. Biz təxminən on addım iməkləyəndən sonra Tom mənə pıçıldadı ki, gülmək üçün Cimi ağaca sarımaq istəyir. Mən isə dedim ki, bunu etməsək, yaxşıdır. O, hay-küy qaldırar, onda görərlər ki, mən yerimdə yoxam. Tom isə inadından əl çəkməyib iməkləyə-iməkləyə Cimin yanına getdi. Yerimdə qalıb onu gözləməyə başladım. Mənə elə gəldi ki, olduqca çox gözlədim, çünki ətraf tamam sükut içində idi.
Tom qayıdıb gələn kimi biz qaça-qaça cığırla bağçanı dövrə vurub az sonra evin əks tərəfindəki təpəyə çatdıq. Tom dedi ki, Cimin şlyapasını başından götürüb onun başı üzərindəki kiçik bir budaqdan asıb, Cim isə bir qədər tərpənsə də, oyanmayıb.
Ertəsi gün isə Cim nağıl edirdi ki, guya əcinnələr onu cadulamış, yuxuya verib belinə minmiş və bütün şəhəri gəzib dolaşmışlar. Sonra da onu gətirib ağacın altında oturtmuş və bu işləri kimin etdiyini göstərmək üçün şlyapasını budaqdan asmışlar.
Biz Tomla birlikdə uçurumun kənarına yaxınlaşıb aşağıya baxdıq, qəsəbənin yalnız iki-üç evinin işığı yanırdı. Yuxarıda, başımızın üzərində ulduzlar sayrışırdı, aşağıda isə bir mil[1 - mil – təxminən 7420 metr uzunluqda məsafə ölçüsü] eni olan çay aram-aram axırdı. Biz təpədən enib Co Harper ilə Ben Rosersi və daha iki-üç oğlanı axtarıb tapdıq. Sonra sahildə gizlətdiyimiz kiçik qayığı suya çıxarıb çayla iki mil aşağıya üzdük və orada quruya çıxdıq.
Burada Tom Soyer mağaraya gedən yolu bizə göstərdi. Biz şamları yandırıb iməkləyə-iməkləyə irəlilədik. Təxminən yüz addım iməklədikdən sonra mağaraya çatdıq. Olduqca rütubətli və soyuq bir zağaya daxil olub dayandıq. Tom dedi:
– Hə, indi biz quldur dəstəsi toplayıb bu dəstəyə “Tom Soyerin quldur dəstəsi” adını verərik. Bizimlə birlikdə quldurluq etmək istəyənlər isə and içməli, buna öz qanları ilə qol çəkməlidirlər.
Hamı razı oldu. Tom bir kağız çıxartdı və bu kağızda yazılmış andı oxudu. Bu and quldur dəstəsindəki bütün uşaqları möhkəm olmağa və onun sirlərini heç kimə açmamağa çağırırdı. Anda əsasən, dəstəmizin üzvlərindən hansısa təhqirə məruz qalarsa, o uşaq təhqir edən adamı öldürməli idi. Həmin adamı öldürməyincə nə yeməli, nə də yatmalı idi. Quldur dəstəsindən olan kimsə sirrimizi başqasına açarsa, onun meyidini yandırıb külünü göyə sovuracaqdıq, onun adı qan ilə siyahıdan pozulacaq və onu bir daha heç kəs yad etməyəcəkdi.
And hamının xoşuna gəldi. Tomdan soruşduq ki, bunu o özü fikirləşib yazıb, yoxsa başqa birisi. Məlum oldu ki, Tom bəzi yerlərini özü fikirləşib, qalanını isə quldurlar və piratlar haqqındakı kitablardan götürübmüş.
Balaca Tommi Baris bu vaxt artıq yatmışdı. Onu oyatdıqda o qorxub ağlamağa başladı. Anası üçün darıxdığını və daha quldur olmaq istəmədiyini dedi.
Hamı “ağlağan” deyib onu ələ salmağa başladı. O isə hirslənib həmin saat bütün sirrimizi hamıya açacağını dedi. Ancaq Tom ona beş sent pul verdi ki, Tommi sussun. Sonra elan etdi ki, indi hamımızı evə buraxır, amma növbəti həftə quldur dəstəmiz yığışıb bir kimsəni soyacaq və öldürəcəkdir.
Söhbətin bu yerində Ben Rocers dedi ki, evdən tez-tez çıxa bilmir, ona yalnız bazar günləri eşiyə çıxmağa icazə verilir. Buna görə də növbəti bazar günündən etibarən fəaliyyətə başlamağı təklif etdi. Ancaq uşaqların hamısı belə qət etdi ki, bazar günləri adam öldürmək və soymaq günahdır, bu haqda heç danışmağa da dəyməz. Biz razılaşıb qərara gəldik ki, yeni görüş üçün mümkün qədər yaxın bir gün təyin edək. Sonra Tom Soyeri quldur dəstəsinin başçısı, Co Harperi isə dəstə başçısının köməkçisi seçib evlərimizə dağılışdıq.
Mən anbarın damına, oradan da pəncərəyə çıxanda artıq səhərin açılmasına az qalmışdı. Təzə paltarım tamamilə şam mumuna və gilə bulaşmışdı, özüm isə it kimi yorulmuşdum.
Səhər miss Uotson paltarımı korladığım üçün məni yamanca danladı. Miss Duqlas isə heç nə demədi, yalnız şamın mumunu və gili təmizlədi.
Quldur dəstəmiz görüşlərə davam edirdi. Biz, demək olar ki, bir ay qaçaq-qaçaq oynadıq. Sonra isə bundan əl çəkdik. Əlbəttə ki, biz heç kəsi soymadıq və öldürmədik. Bizim quldur dəstəmiz oyundan başqa, bir şey deyildi.

PUSQUDA
Beləcə, üç, ya dörd ay keçdi. Mən, demək olar ki, hər gün məktəbə gedirdim, sözləri bir-birinə qoşmaq, oxumaq və yazmağı da bir qədər öyrənmişdim.
Əvvəllər məktəbdən zəhləm gedirdi. Sonra isə yavaş-yavaş alışmağa başladım. Miss Duqlasın evinin qayda-qanunlarını da artlıq öyrənmişdim. Hər şeydən çətini evdə yaşamağa və çarpayıda yatmağa öyrəşmək idi. Odur ki soyuqlar düşənədək mən yenə də bəzən evdən qaçır, gedib meşədə yatırdım. Köhnə həyat daha çox xoşuma gəlirdi, lakin təzə həyata da alışırdım. Miss Duqlas deyirdi ki, mən tədricən düzəlirəm və özümü bir o qədər pis aparmıram.


Bir dəfə, necə oldusa, səhər yeməyində təsadüfən duzqabıya toxunub onu aşırdım. Cəld duzdan bir çimdik götürdüm ki, sol çiynim üstündın atıb bəlanı özümdən uzaq edim. Ancaq tərslikdən bu vaxt miss Uotson gəlib çıxdı və məni dayandırıb dedi: “Heklberri, əllərini yanına sal! Sən həmişə hər yanı zibilləyirsən!” Miss Duqlas mənim tərəfimi saxladı, ancaq artıq gec idi, bəlanı onsuz da uzaqlaşdırmaq mümkün olmayacaqdı. Mən bunu çox gözəl bilirdim. Evdən çıxanda özümü çox pis hiss edirdim, hey fikirləşib başımı sındırırdım ki, görəsən, başıma necə bəla gələcək və bu, harada baş verəcək.
Mən bağçaya çıxdım, taxta hasarın o biri tərəfinə keçdim. Yerdə yenicə yağmış qar var idi. Birdən mən qarın üstündə ayaq izləri gördüm. Kimsə hasarın yanında bir qədər ayaq döymüş, sonra çıxıb getmişdi.
Birdən ağlıma gəldi ki, bu, mənim atamın ayaq izləri ola bilər. Atamı şəhərimizdə bir ildən artıq idi ki, görən yox idi. Buna görə də lap arxayınlaşmışdım. Onu bir daha görmək istəmirdim. O, sərxoş olanda çox vaxt meşəyə qaçırdımsa da, ağlı başında olanda məni ələ keçirib yamanca döyürdü.
Mən bacardığım qədər sürətlə qaçaraq özümü məhkəmə hakimi Tetçerin yanına yetirdim.
– Oğlum, lap nəfəsin kəsilib, – deyə o dilləndi. –Sən faizlər üçünmü gəlmisən?
– Yox, ser, – mən dedim. – Məgər mənə çatacaq bir şey var?
– Bəli, mən dünən axşam yarım ilə görə nəzərdə tutulmuş yüz əlli dollardan bir az artıq pul almışam. Bu, sənin üçün xeyli puldur. Yaxşısı budur, mən bunları da qalan altı minin yanına qoyum, yoxsa sən bu pulu boş-boşuna xərcləyərsən.
– Yox, ser, – dedim, – mən onları xərcləmək istəmirəm. Mənə heç nə lazım deyil, nə altı min, nə də qalanı. Mən istəyirəm ki, onları siz özünüz üçün götürəsiniz, altı mini də, qalanlarını da.
O məəttəl qaldı, məsələnin nə yerdə olduğunu anlamadığı üçün soruşdu:
– Necə yəni? Sən bununla nə demək istəyirsən?
– Xahiş edirəm, məndən heç nə soruşmayasınız. Yaxşısı budur, mənim pullarımı özünüz üçün götürün…
– Doğrusu, bilmirəm ki, sənə nə deyim… De görüm axı nə olub? – o soruşdu.
– Xahiş edirəm, onları özünüz üçün götürün, – mən təkid etdim, – məndən heç bir şey soruşmayın.
Məhkəmə hakimi fikrə getdi, sonra isə dedi:
– Hə, hə! Deyəsən, səni başa düşürəm. Sən öz pulunu mənə bağışlamaq yox, pulu vaxtlı-vaxtında alıb bankdakı hesabının üstünə yatırmağı mənə həvalə etmək istəyirsən. Bax bu, doğru işdir.
Hakim Tetçerin nə demək istədiyini başa düşməsəm də, heç bir sual verməyib susmağa üstünlük verdim.
Sonra o, kağızda nə isə yazdı, ürəyində oxuyub dedi:
– Bax görürsənmi, burada belə deyilir: “Əvəzi verildiyi üçün”. Bu, o deməkdir ki, mən sənin pullarını alıb əvəzini də sənə vermişəm. Al bu dollar da sənin. İndi qol çək.
Mən qol çəkib getdim.
Axşam gəlib öz otağıma girib işığı yandırdıqda gördüm ki, atam orada oturub!
Mən qapını ardımca örtdüm. Sonra dönüb baxdım. Atamın qəfil gəlişindən əməlli-başlı sarsılsam da, özümü birtəhər ələ aldım və birdən-birə hiss etdim ki, qətiyyən qorxmuram.
Atamın əlliyə yaxın yaşı vardı. Onun daranmamış, uzun, çirkli saçları pırtlaşıq halda üzünə tökülmüşdü, onların arasından gözləri parıldayırdı. Adam ona baxanda həm qorxur, həm də ürəyi bulanırdı. Üst-başı isə tamam cır-cındırdı, salamat yeri yox idi. Bir ayağını o birinin üstünə aşırmışdı. Ayağındakı cırıq uzunboğaz çəkmədən iki barmağı görünürdi.
Mən dayanıb ona baxırdım, o da kətildə yavaşca yırğalana-yırğalana gözlərini mənə zilləmişdi. Baxıb gördüm ki, pəncərə açıqdır. Deməli, o əvvəlcə anbara, oradan isə otağa girmişdi. O, məni başdan-ayağadək süzüb dedi:
– Buna bax, gör necə geyinib-keçinib! Yoxsa elə bilirsən ki, adam olmusan, eləmi?
– Bəlkə də, bilirəm, bəlkə də, yox, – deyə cavab verdim.
– Bura bax, başından böyük danışma, – deyə o dilləndi. – Mən burda olmayandan bəri çox sarsaqlamısan! Mənimçün oxumuş olub. Deyirlər yazmaq, oxumaq bilirsən. De görüm, bu sarsaq alicənablığı sənə kim öyrədib?
– Dul qadın Duqlas.
– Bəs o dul qadına kim icazə verib ki, burnunu özgə işinə soxsun?
– Heç kim icazə verməyib.
– Yaxşı, mən ona göstərərəm, lazım olmayan işə burnunu soxmaq nə deməkdir! Sən isə məktəbi burax getsin, eşidirsən? Əgər mən səni bir də o məktəbin həndəvərində dolaşan görsəm, özünü ölmüş bil. Sənin anan nə oxumaq, nə də yazmaq bilirdi, eləcə də bisavad öldü. Mən nə oxumaq, nə də yazmaq bilirəm. Sən bir buna bax, gör bir necə dəb ilə geyinib. Mən elə adam deyiləm ki, buna dözəm, eşidirsən? Di bir şey oxu görüm, mən qulaq asacağam.
Mən kitabı götürüb general Vaşinqton haqqında nə isə oxumağa başladım. Heç yarımca dəqiqə keçməmiş o, kitaba bir yumruq vurdu, kitab otağın o biri başına düşdü.
– Doğrudur. Sən oxuya bilirsən. Mən isə buna inanmırdım. Bura bax, bu lovğalıqdan əl çəkməlisən, mən buna dözə bilmərəm. Bax əgər səni o məktəbin yanında tutsam, dərini soyacağam. Bir buna bax, varlanıb deyirlər. Hə, de görək hansı yolla varlanmısan?
– Hamısını yalan deyirlər.
– İki gün şəhərdə olmuşam, eşitdiyim elə sənin var-dövlətin haqqında olub. Elə buna görə də durub gəlmişəm. Sən pullarını sabaha qədər gətir, mənə pul lazımdır.
– Məndə pul yoxdur!
– Yalan deyirsən! Pulların məhkəmə hakimi Tetçerdədir. Get götür. Mənə pul lazımdır.
– Məndə pul yoxdur. Məhkəmə hakimi Tetçerdən soruş, o da sənə belə cavab verəcək.
– Yaxşı, mən ondan soruşaram… Mən onu məcbur edərəm ki, desin. De görüm, cibində nə qədər var?
– Cəmisi bir dollardır, bu da mənim özümə lazımdır.
Atam pulu əlimdən alıb dedi ki, özünə viski almalıdır, bütün günü ağzına bir damcı da dəyməyib. Sonra anbarın damına çıxdı, mən elə düşündüm ki, çıxıb getdi. O isə yenə qayıtdı və dedi ki, məktəbi atmasam, məni möhkəmcə əzişdirəcək.
Növbəti gün atam sərxoş halda hakim Tetçerin yanına gedib mənim pullarımı tələb etsə də, bununla heç nə əldə edə bilmədi.

ATAM CİNLƏRLƏ VURUŞUR
Atam miss Duqlasın evinin yanında tez-tez görünməyə başlamışdı. Miss Duqlas onu hədələyib dedi ki, əgər o, bu adətindən əl çəkməsə, onun üçün pis olacaq. Atam isə bərk hirslənib özündən çıxdı. And içdi ki, Hek Finnin sahibinin kim olduğunu ona göstərəcək.
Nəhayət, o, bir dəfə məni güdüb tutdu və özü ilə qayığa mindirdi, üç mil çay yuxarı apardı. Orada çayın o biri sahilinə üzdük. Bura başdan-başa meşəlik idi. Meşənin sıx yerində köhnə bir daxma var idi. Biz bu köhnə daxmada yaşamağa başladıq. Gecələr atam qapını kilidləyir, açarı isə başının altına qoyurdu. Biz onunla ova gedir, balıq tuturduq. O, tez-tez məni daxmada tək qoyub qapını üzümə qıfıllayır, üç mil uzaqda olan bərənin yanına gedir, orada balığı və ov quşlarını viskiyə dəyişirdi. Sonra isə içərək keflənir və məni döyürdi.
Miss Duqlas hansısa yolla harada olduğumu öyrənib məni xilas etmək üçün adam göndərdi, amma atam onu tüfənglə hədələyərək qovdu. Az sonra isə mən özüm də orada yaşamağa alışdım. Döyülməkdən başqa, hər şey xoşuma gəldi.
Lakin qoca yavaş-yavaş azğınlaşmağa başlamışdı, bəzən məni ağacla da döyürdü. Bax buna daha dözə bilmədim. Mənim hər yerim çapıq-çapıq idi. Bir dəfə o yenə məni evdə qoydu, qapını bağlayıb getdi və üç gün geri qayıtmadı. Atamın çayda batdığını və mənim daha heç vaxt buradan çıxa bilməyəcəyimi düşünməyə başlamışdım. Çox qorxduğum üçün daxmadan qaçmağı qət etdim. Evdən çıxmaq üçün çox əlləşdim, amma bir çıxış yolu tapa bilmədim. Qapı qalın və möhkəm palıd ağacından düzəldilmişdi. Atam gedərkən həmişə çalışırdı ki, komada heç bir kəsici alət qoymasın. Ancaq bu dəfə bəzi şeylər tapa bildim. Bu, taxtaların arasına keçirilmiş köhnə, dəstəyi olmayan paslı mişar idi. Mən onu yağlayıb işə başladım. Daxmanın bir küncünü masa tuturdu. Mən masanın altına girib daxmanın döşəməsinə bitişik olan yoğun tirin bir hissəsini mişarlamağa başladım. Bu, mənim xeyli vaxtımı aldı. İşi bitirmək üzrə idim ki, birdən güllə səsini eşitdim. O dəqiqə bildim ki, bu güllə atamın tüfəngindən atılıb. Mən ağac qırıqlarını yığışdırdım, mişarı gizlətdim və komanı əvvəlki vəziyyətinə saldım. Çox keçmədi ki, atam da gəlib çıxdı.
Bilirdim ki, o, içəri girən kimi içməyə başlayacaq. Sərxoş olduqdan sonra isə yatacaq. Belə qət etdim ki, o, yuxuya gedən kimi mən açarı onun balışının altından oğurlayım, yaxud da tirdən bir parça mişarlayıb daxmadan çıxmağa çalışım.
Atam isə doymaq bilmədən hey içdi, sonra yatağının üstünə yıxıldı. Ancaq mənimki gətirmədi, o, yuxuya gedə bilmirdi. Elə hey inildəyir, bağırır, çırpınıb o yan-bu yana diyirlənirdi. Xeyli müddət keçdi. Axırda mənim elə yuxum gəldi ki, gözlərim öz-özünə yumuldu.
Nə qədər yatdığımı bilmirəm, birdən dəhşətli bir çığırtıya yerimdən sıçradım. Atam dəli kimi özünü o tərəf-bu tərəfə çırpır və qışqırırdı. Daha sonra yumruğunu havada yellədərək fəryad etdi ki, guya cinlər onu tutublar. O, get-gedə sakitləşdi və bir müddət dinməzcə qaldı, lakin yenə də inildəyirdi. Mən canavarların meşənin dərinliyində necə uladığını eşitdim, ətrafdakı sakitliyi bu daha da dəhşətli edirdi. Atam küncdə yıxılıb qalmışdı. Birdən o, başını yana əyərək nəyəsə qulaq asmağa başladı və güclə eşidiləcək bir səslə cinlərə yalvardı ki, ona toxunmasınlar. Sonra yorğanına bürünüb masanın altına girdi və ağlamağa başladı. Qəfildən yorğanı bir tərəfə atıb dəli kimi ayağa qalxdı və məni görüb qovmağa başladı. O, əlinə bıçaq alıb otaq boyu məni qovur, məni “Ölüm ilahəsi” adlandırır və öldürməklə hədələyirdi. Mən atamdan sakit olmasını xahiş edib ona kim olduğumu xatırlatsam da, o gülür, bağırır və ardımca qaçırdı. Bir azdan qoca lap əldən düşdü. Döşəməyə çöküb qapıya söykəndi və dedi ki, dincini aldıqdan sonra məni öldürəcək.
O, yavaş-yavaş mürgüləyib yuxuya getdi. Onda mən divardan asılmış tüfəngi götürdüm, dolu olub-olmadığını yoxladım, sonra tüfəngi komadakı çəlləyin üstünə qoydum, özüm isə çəlləyin arxasında oturdum. Atamı nişan alıb onun yuxudan nə vaxt oyanacağını gözləməyə başladım. Vaxt isə çox ləng keçirdi.

MƏN ATAMIN YANINDAN QAÇIRAM
– Ayağa qalx! Bu nədir düzəltmisən?
Mən gözlərimi açıb ətrafa baxdım. Atam başımın üstündə durmuşdu. Üzü-gözü şişmişdi.
– Bu nə oyundur tüfənglə çıxardırsan? – o dedi.
Anladım ki, o, gecə nələr etdiyini xatırlamır. Buna görə də dedim:
– Kimsə bizim evə soxulmaq istəyirdi, mən də onu pusurdum.
– Bəs nə üçün məni oyatmadın?
– Oyatmaq istədim, amma sən oyanmadın.
– Yaxşı… Boş-boşuna burada dayanma, bəsdir çərənçilik etdin! Get bax, gör tora balıq düşüb, ya yox. Mən bir azdan gələrəm.
O, qapını açdı, mən çaya tərəf qaçdım. Gördüm ki, çayaşağı ağac qırıntıları, hər cür zir-zibil və hətta ağac qabıqları axır. Deməli, çay qalxmağa başlayıb.
Mən sahillə addımlayıb bir gözümlə atam gələcək tərəfə baxır, o biri gözümlə isə çayın yararlı bir şey gətirib-gətirmədiyinə nəzər salırdım. Birdən gördüm ki, çay əla vəziyyətdə olan bir qayıq gətirir. Qayığın uzunluğu on üç, on dörd fut olardı. Mən suya qurbağa kimi başıaşağı atıldım, qayığın ardınca üzməyə başladım. Cəld tərpənərək ona çatmağı bacardım. Sonra qayığın içinə minib onu sahilə tərəf sürdüm. Qayığı çayın söyüd və cır üzüm tənəkləri bitmiş girintili yerinə çəkib saldım və burada ağlıma bir fikir gəldi. Düşündüm ki, onu burada gizlədim, sonra isə əlimə fürsət düşən kimi onunla başqa bir yerə üzüb asudə yaşayaram.


Mən daxmamızın lap yaxınlığında idim. Mənə elə gəldi ki, atam buraya yaxınlaşır, ancaq bununla belə, qayığı gizlətməyə macal tapdım. Sonra kolların arasından boylanıb gördüm ki, atam cığırla çaya tərəf enir.
O gəlib çatanda mən özümü elə göstərdim ki, guya torun ipini səylə yığıram. Bu qədər eşələndiyim üçün atam məni bir qədər söydü. Amma mən onu aldadaraq dedim ki, guya suya yıxılıbmışam, buna görə də bu qədər çox əlləşməli olmuşam. Onsuz da bilirdim ki, atam mənim tamam yaş olduğumu görüb sorğu-suala tutacaq. Ona görə də belə bir yalan uydurdum.
Biz tordan beş naqqa balığı çıxarıb komaya döndük.
Hər ikimiz bərk yorulmuşduq. Səhər yeməyindən sonra uzanıb yatdıq. Təxminən saat on ikidə yuxudan ayılıb sahilə yollandıq. Çayın suyu sürətlə qalxırdı, üzərində hər cür taxta və tir parçaları üzürdü. Bir az sonra biz bir-birinə bağlanmış doqquz tirdən ibarət sahibsiz bir salın üzdüyünü gördük.
Qayığa minib tirləri sahilə çəkdik. Atam onları satmaq üçün şəhərə getməyə qərar verdi. O, məni daxmaya salıb qapını kilidlədi, qayığı götürüb təxminən saat dördün yarısında salı yedəyə alaraq şəhərə çəkib apardı. Öz hesablamama görə onun xeyli uzaqlaşmasını gözləyib mişarı gizlətdiyim yerdən çıxardım və masanın altındakı tiri mişarlamağa başladım. Atam o biri sahilə gedib çıxmamış mən artıq bayırda idim. Qayıq ilə sal çox-çox uzaqlarda, suyun üzərində kiçik bir ləkəyə oxşayırdı.
Mən bir kisə qarğıdalı unu götürüb öz qayığımda gizlətdim. Sonra bir az donuz əti, viski şüşəsi, olub-qalan qəndi və qəhvəni, bütün barıt və qırmanı da oraya daşıdım. Vedrə ilə su qabı, köhnə mişarı, iki yorğan, qazança və qəhvədan, tilov və kibrit qutuları, tüfəng və daha bir neçə əşyanı da oraya daşıyıb apardım. Atam məni qoyub gedəndə baltasını götürməyi unutmuşdu. Amma onu qayığa aparmadım, çünki o, mənə hələ lazım olacaqdı.
Mişarladığım dəlikdən keçib bu qədər əşyanı daşıyarkən daxmanın içərisinə ayaq izlərimi salmışdım. İzlərin üstünü torpaqla yaxşıca örtdüm ki, taxta kəpəyi görünməsin. Sonra mişarla kəsdiyim tir parçasını əvvəlki yerinə keçirtdim, altına iki daş qoydum, bir daş da yandan söykədim. Tirin bir hissəsinin mişarlandığını bilməsən, kənardan baxdıqda bunu heç cürə başa düşə bilməzdin.
Mən qayığın yanındakı otların üstü ilə getdim ki, qumun üzərində ayaq izim qalmasın. Sahildə dayanıb çaya nəzər saldım. Hər tərəf sükut içində idi. Tüfəngi götürüb meşənin lap dərinliyinə getdim. Qarşıma bir vəhşi donuz balası çıxdı. Donuz balasını tüfənglə nişan alıb vurdum. Onu vurduqdan sonra daxmamızın yanına gətirdim.
Əvvəlcə baltanı götürüb daxmanın qapısını sındırdım. Həm də çalışdım ki, onu möhkəmcə dağıdım. Donuz balasını sürüyüb stolun lap yanına çəkdim, balta ilə boynunu üzüb qanı axsın deyə, yerə qoydum. Köhnə bir kisəni götürüb içinə daxmanın ətrafından gücüm çatacaq qədər yekə daşlar yığdım və kisəni donuz balasının cəsədinin yanından qapıya tərəf sürükləməyə başladım. Kisəni meşə ilə sürükləyərək çayın sahilinə gətirib suya atdım. Daşla dolu kisə suyun dibinə getdi. O saat gözə çarpırdı ki, burada yerlə nə isə sürükləyib aparıblar. Heyif ki, həmin vaxt Tom Soyer yanımda deyildi. Bu cür işlərdə heç kəs Tom Soyer qədər bacarıqlı ola bilməzdi.
Sonra mən saçımdan bir çəngə qopartdım, baltanı qana bulaşdırdım və tükləri baltanın tiyəsinə yapışdırıb otağın bir küncünə atdım. Daha sonra donuz balasını qanı axmasın deyə, gödəkcəmə büküb apardım, çayın sahili ilə aşağı gedib evdən xeyli uzaqlaşdıqda onu suya atdım. Bu vaxt ağlıma daha bir fikir gəldi. Qayıqdakı bir kisə unu və mişarımı götürüb evə apardım. Kisəni köhnə yerinə qoyub aşağısından mişarla bir deşik açdım. Sonra kisəni otların, söyüd kolluqlarının arası ilə sürüyüb apardım. Daxmamızın yaxınlığında kiçik bir göl var idi. Un yol boyu səpilib gölədək nazik bir iz əmələ gətirmişdi. Burada mən atamın bülöv daşını[2 - bülöv daşı – bıçaq və digər kəsici alətləri itiləmək üçün daş] yerə elə saldım ki, guya təsadüfən düşüb. Un tökülməsin deyə, kisənin deşiyini iplə bağladım və onu mişarla birlikdə qayığa apardım.
Hava qaralanda qayığı açıb çayaşağı üzdüm. Az sonra qayığı çayın sahilindəki söyüd ağaclarının altında saxlayıb ayın çıxmasını gözləməyə başladım. Qayığı söyüd ağacına möhkəmcə bağlayıb bir az yemək yedim, sonra uzanıb düşüncələrə daldım. Öz-özümə fikirləşirdim: mənim yoxa çıxdığımı görüb məni axtarmağa başlayacaqlar, içində daş olan kisənin izi ilə sahilədək gedəcəklər, sonra mənim meyidimi tapmaq üçün çayı ələk-vələk edəcəklər. Digər tərəfdən isə unun izi ilə gölədək gedib məni öldürən və daxmadakı əşyaları oğurlayan caniləri axtaracaqlar. Çayda mənim ölü cəsədimi nə qədər axtarsalar da, tapa bilməyəcəklər. Bu iş tezliklə onların zəhləsini tökəcək, ona görə də onlar daha mənim barəmdə narahat olmayacaqlar. Mənsə istədiyim yerdə yaşayacağam. Çekson adası bunun üçün lap yaxşıdır, bu adanı əməlli-başlı tanıyıram, orada heç kəs yaşamır. Gecələr isə şəhərə yollanıb özümə lazım olan şeyləri əldə edə bilərəm.
…Bir azdan yuxuya getdim. Oyandıqda harada olduğumu əvvəl anlaya bilmədim. Oturub ətrafa baxmağa başladım, hətta bir qədər qorxdum da. Sonra hər şey yadıma düşdü.
Elə qayığı yenicə açıb yola düşmək istəyirdim ki, birdən qulağıma səs gəldi. Qulaq verib bunun nə olduğunu o saat anladım. Bu, sakit gecədə avarların tərpənərək çıxartdığı boğuq və ardıcıl cırıltı səsi idi. O biri sahilə yaxın bir qayıq üzürdü. O, get-gedə mənə yaxınlaşırdı. Nəhayət, mənimlə bərabərləşəndə gördüm ki, içində bir nəfər oturub. “Bəlkə, atamdır?” – deyə düşündüm. O, mənim lap yaxınlığımdan ötdü, sonra sahilə tərəf avar çəkdi. Bəli, bu, atam idi, həm də avarları işlətməsindən sərxoş olmadığını hiss etdim.
Onun məni axtarıb tapmasını gözləmədim. Bir dəqiqə sonra artıq güllə kimi çayaxarı aşağı üzürdüm. Heç bir səs çıxarmırdım, sahilin saldığı kölgə ilə sürətlə irəliləyirdim. İki mil yarıma qədər üzdükdən sonra çayın ortasına sarı hərəkət etdim, çünki qarşıda tezliklə körpü görünməli idi və oradakı adamlar məni görüb səsləyə bilərdilər. Mən körpünün yaxınlığında su ilə üzən tirlərin arası ilə hərəkət edərək sahildəkilərin nəzərlərindən yayına bildim. Bir qədər sonra qayığın içərisinə uzanıb onu çayın axarına buraxdım…
Artıq körpüdən xeyli aşağıda idim. Ayağa qalxdım, təxminən iki mil yarım aşağıda üzəri tamamilə meşəlik olan Cekson adası görünürdü. Ada çayın ortasında işıqsız bir paroxod kimi dayanmışdı.
Mən adanın yuxarı tərəfindən çox tez ötüb keçdim, çünki çayın axını çox sürətli idi. Sonra lal axan suya daxil oldum və İllinoys sahilinə yaxın olan tərəfdən adaya yan aldım. Qayığı sahilin çoxdan tanıdığım dərin bir döngəsinə yönəltdim. Həmin yerə çatmaq üçün oranı bütünlüklə əhatə edən söyüd ağaclarının altından keçdim. Qayığı ağaclardan birinə bağladım. Kənardan baxdıqda qayıq qətiyyən görünmürdü.
Qayığı gizlətdikdən sonra sahilə çıxdım. Yerə atılıb qalmış bir tirin üstündə əyləşib geniş çaya və buradan təxminən üç mil məsafədə olan, hələ də üç-dörd yerdə işıqları sayrışan şəhərə baxmağa başladım. Birdən çayda üzən bir sal gözümə dəydi. O, adadan bir mil aralı olardı. Ortasında fənər yanırdı. Mən sala diqqətlə baxıb onun yavaş-yavaş yaxınlaşdığını anladım. Nəhayət, sal gəlib mənim dayandığım yerlə bərabərləşdikdə kimsə oradan qışqırdı: “Ey, dal tərəfdəki! Sağa tərəf yönəlt!” Mən bunu elə aydın eşitdim ki, elə bil həmin adam mənimlə yanaşı durmuşdu. Lakin salın üstündəkilər məni görmürdülər. Çünki zülmət qaranlıq məni yad gözlərdən gizlətmişdi.
Bir az keçdikdən sonra göy üzü yavaş-yavaş işıqlaşmağa başladı. Mən qərar verdim ki, səhər açılmamış meşədə yer tapıb bir az yatım və dincimi alım.

CİM – MİSS UOTSONUN ZƏNCİSİ
Yuxudan ayıldığım vaxt günəş yüksəyə qalxmışdı. Birdən haradasa, çayın yuxarı tərəfindən gələn boğuq bir səs eşitdim. Dirsəklənib qulaq asmağa başladım, bir qədər sonra yenə həmin səsi eşitdim. Yerimdən sıçrayıb sahilə qaçdım, yarpaqların arasından baxmağa başladım, gördüm ki, məndən xeyli uzaqda, lap körpünün yanında suyun üzünü tüstü burumları bürüyüb. İndi başa düşdüm ki, nə məsələdir! Yenə də səs eşidildi. Bu dəfə gördüm ki, ağ bir tüstü burumu paroxoddan ayrıldı. Bilirsinizmi, nə baş vermişdi? Bu adamlar mənim meyidim suyun üzünə qalxsın deyə, çaya top atırdılar.
Mən oturub barıtın tüstüsünə baxır, atəş səsinə qulaq asırdım. Az sonra suda hərəkət edən paroxod mənim tuşuma gəldi. Tanıdığım adamların, demək olar ki, hamısı: atam, məhkəmə hakimi Tetçer, Bekki Tetçer, Co Harper, Polli xala, Sid, Meri ilə Tom Soyer və bir çox başqa adamlar paroxodda idilər.
Onlar adanı burulub Missuri çayının qolu ilə yuxarıya doğru çox sürətlə gedir, arabir topdan atəş açırdılar. Paroxod adanın yuxarı qurtaracağına çatdıqda daha top atmadı və geriyə, şəhərə doğru istiqamətləndi.
Başa düşdüm ki, artıq rahat ola bilərəm. Daha heç kəs məni axtarmayacaq. Meşənin sıx yerinə gedib özümə bir koma düzəltməyə başladım. Yorğanı çadırabənzər şəkildə quraşdırdım ki, yağışdan islanmayım. Bir kiçik naqqa balığı tutub qarnını mişarla yardım, axşama doğru tonqal qalayıb onu bişirdim və şam etdim.
Beləcə, üç gün, üç gecə keçdi… Adada qalmağımın dördüncü günü mən bütün adanı eninə və uzununa gəzib dolaşdım. Bu vaxt az qalmışdı ki, bir ilanı basdalayam, ancaq ilan otların və çiçəklərin arasına girib qaçdı. Onu güllə ilə vurmaq üçün dalınca götürüldüm. Birdən hələ də tüstülənən bir tonqalın kösövünü basdaladım.
Ürəyim həyəcandan çırpınmağa başladı. Geri dönüb ağacların arası ilə gizlənə-gizlənə komama sarı qaçmağa başladım. Gəlib gizləndiyim yerə çatanda halım özümdə deyildi, qorxudan ürəyim əsirdi.
Gecə heç cür yuxuya gedə bilmir, hey fikirləşirdim. Axırda öz-özümə qət etdim ki, adada məndən başqa kimin olduğunu hökmən öyrənmək lazımdır.
Kösövünü basdaladığım tonqalın yanına dönmək və axtarışları oradan başlamaq lazım idi. Mən həmin yeri axtarmağa başladım, ancaq nədənsə, oranı tapa bilmirdim. Sonra baxıb gördüm ki, ağacların arasından zəif alov işığı yanıb-sönür. Həmin yerə yaxınlaşdıqda yerdə bir adamın uzandığını gördüm. Qorxudan, az qala, bağrım çatlayacaqdı. Yerdə uzanmış adamın başı yorğana bürünmüşdü. Mən kolların arasında oturub gözlərimi ondan çəkmirdim. Hava işıqlaşanda həmin adam əsnəyib gərnəşdi və yorğanı üstündən atdı. Baxıb gördüm ki, bu, Cimdir – miss Uotsonun zəncisi. Buna elə sevindim ki!
– Salam, Cim! – deyib kolların arasından çıxdım.
O, dizləri üstə çöküb əllərini yanına salaraq mənə yalvarmağa başladı:
– Mənə əl dəymə, əl dəymə! Mən ölüləri heç vaxt incitməmişəm. Mən onları həmişə sevmişəm, onlar üçün əlimdən gələni etmişəm. Gəldiyin yerə, çaya qayıt, qoca Cimi rahat burax, o, səninlə həmişə dost olub…
Mən ona ölü olmadığımı başa salmağa başladım. Nəhayət, onu buna inandıra bildim.
Mən Cimi gördüyümə çox şad olmuşdum. Bundan sonra adada tək-tənha qalıb darıxmayacaqdım. Mənim harada gizləndiyimi onun bir kimsəyə söyləyəcəyindən də qorxmurdum.
Mən danışır, o isə oturub mənə baxır və susurdu.
Nəhayət, mən dedim:
– Artıq hava lap işıqlaşıb. Gəl, səhər yeməyi yeyək. Yaxşı bir tonqal qala.
– Çiyələkdən başqa, bişirməyə bir şey olmayan yerdə tonqal qalamağın nə mənası var?!
– Çiyələk… – deyə mən təəccübləndim. – Sən elə bununlamı dolanmısan?
– Başqa heç bir şey tapa bilməmişəm.
– Cim, bəs sən nə vaxtdan bəri adadasan?
– Səni öldürdükləri vaxtdan bəri.
– Düz o vaxtdan bəri?
– Bəli.
– Demək istəyirsən ki, bu müddət ərzində çiyələkdən başqa, heç nə yeməmisən?
– Xeyr, ser, heç bir şey yeməmişəm.
– Onda sən lap acından ölürsən ki!
– Elədir ki, var. İndi burada lap at da olsaydı, yeyərdim! Vallah, yeyərdim. Bəs sən necə, çoxdanmı bu adadasan?
– Məni öldürdükləri həmin gecədən bəri.
– Ola bilməz! Bəs sən nə yeyirdin? Hə, sənin axı tüfəngin var! Bu, çox yaxşıdır. Sən indi bir şey vur, mən də tonqal qalayım.
Mən qayığı gizlətdiyim yerə getdim. O ağacların arasındakı talada tonqal qalayıncayadək mən un, bir az ət, qəhvə, qəhvədən, tava və qənd gətirdim. Bütün bunları görəndə Cim heyrətdən donub qaldı. Gətirdiklərim ona bir sehir kimi görünürdü. Mən bundan başqa, iri bir naqqa balığı da tutdum, Cim onu təmizləyib qızartdı.
Səhər yeməyi hazır olan kimi onu hərisliklə yedik. Doyunca yedikdən sonra isə dincəlmək üçün otun üstünə uzandıq.
Bir qədər sonra Cim sözə başladı:
– Hek, bir mənə de görüm, əgər sən sağsansa, bəs meşədəki daxmada kimi öldürüblər?
Mən ona hər şeyi olduğu kimi danışdım, o isə dedi:
– Böyük məharətdir! Heç Tom Soyer də bundan yaxşısını düşünə bilməzdi.
– Cim, bəs sən necə bura düşmüsən, səni bura gətirən nədir? – mən ondan soruşdum.
O duruxdu, bir anlıq susdu, sonra dedi:
– Bəlkə, heç deməyim…
– Nə üçün, Cim?
– Hər halda, bir səbəbi var… Ancaq sən mənim haqqımda heç kimə bir şey demə. Deməzsən ki, Hek?
– Desəm, məndən pis adam yoxdur!
– Yaxşı, mən sənə inanıram, Hek. Mən… mən qaçmışam.
– Cim!
– Bura bax, sən söz vermisən ki, heç kimə deməyəcəksən ha, Hek. Heç kimə deməyəcəyini indicə vəd etmədinmi?
– Yaxşı, yaxşı. Söz verdim ki, deməyəcəyəm, demərəm də. Hindu kimi and içirəm ki, heç kimə demərəm. Qoy bunun üstündə mənə hamı əclaf desin, mənə nifrət etsin. Mən heç kimə demərəm, bir də ki, ümumiyyətlə, mən bir daha oraya qayıtmayacağam. Ona görə də danış görək.
– Hə, yaxşı, qulaq as, məsələ belə olmuşdur. Qoca sahibə miss Uotson hey mənə irad tutur, gün verib işıq vermirdi, amma, bununla belə, söz vermişdi ki, məni heç vaxt Orleana satmayacaq. Ancaq mən gördüm ki, son vaxtlar bir qul alverçisi elə hey bizim evin yanında hərlənir, buna görə də narahat olmağa başladım. Axşamdan xeyli keçmiş özümü xəlvətcə qapının ardına verdim, qapı isə bir az aralı idi, dayanıb qulaq asmağa başladım. İçəridə qoca sahibə miss Duqlasa deyirdi ki, məni çayın aşağı tərəflərindəki Orleana satmağa hazırlaşır. Guya ki, satmaq fikrində deyilmiş, amma məndən ötrü səkkiz yüz dollar təklif edirlər, bu qədər puldan isə kim imtina edər?! Miss Duqlas onu dilə tutmağa başladı ki, məni satmasın, ancaq mən daha dayanıb onların nə qərara gələcəklərini gözləmədim, baş götürüb qaçdım.

ÜZƏN EV
Adada gəzib dolandığım zaman maraqlı bir yer görmüşdüm. Bu yer adanın tən ortasında idi. Mən oraya yenidən gedib baxmaq istədim. Cimlə birlikdə yola düşdük və tezliklə gedib oraya çatdıq, çünki adanın uzunu cəmi üç mil, eni isə uzunluğunun dörddə biri qədər idi.
Gəlib çatdığımız yer çox hündür və dik bir təpə, yaxud qırx fut ucalığında kiçik bir dağ idi. Biz güc-bəla ilə bu dağın başına dırmandıq. Hər tərəfi gəzib dolandıq və nəhayət, lap yuxarı bir yerdə yaxşı, geniş mağara tapdıq. Mağara çox böyük idi, içərisi iki-üç otaq bərabər olardı. Mağara Cimin də xoşuna gəldi və biz qərar verdik ki, vaxt itirmədən bütün əşyalarımızı həmin mağaraya daşıyaq.
Cim elə fikirləşirdi ki, biz qayığı xəlvət yerdə gizlətməli və əşyalarımızın hamısını mağaraya daşımalıyıq. Çünki adaya yad bir adam gəlsəydi, orada asanlıqla gizlənə bilərdik.
Biz geri qayıtdıq, qayığı götürüb mağaranın yerləşdiyi tərəfə üzdük və hər şeyimizi oraya daşıdıq. Sonra mağaranın yaxınlığındakı sıx söyüd ağacları arasında qayığı gizlətmək üçün münasib bir yer tapdıq.
Mağaranın girəcəyi kifayət qədər enli idi. Girəcəyin bir tərəfində döşəmə bir qədər yuxarı qalxmışdı və ora ocaq üçün münasib idi. Biz orada ocaq qalayıb xörək bişirdik.
Yorğanlarımızı döşəməyə salıb üstündə əyləşərək nahar etdik. Qalan əşyaları mağaranın içərisində elə yerləşdirdik ki, həmişə əl altında olsun. Az sonra hava tutuldu, ildırım çaxdı və göy guruldadı. O saat yağış yağmağa başladı, bərk külək qopdu. Mən heç vaxt belə güclü külək görməmişdim. Bu, əsl yay tufanı idi. Birdən göy dəhşətli bir qüvvə ilə guruldadı, sonra gurultu göyün üzü ilə get-gedə aşağılara endi, elə bil boş çəlləklər pilləkənlə üzüaşağı diyirlənirdi.
– Cim, hava qiyamətdir ha! –mən dilləndim. –Mən buradan heç yana getməzdim. Mənə bir az da balıq və isti qarğıdalı kökəsi ver.
– Görürsənmi, Cimsiz sənin günün yaman pis keçərdi. Meşədə ac-yalavac qalar, iliklərinə qədər islanardın.
Uzun müddət yağan yağış nəticəsində adanı əhatə edən sular on gün müddətində durmadan qalxdı, qalxdı və sahili aşıb-daşdı. Adanın alçaq yerlərini və İllinoys sahillərini üç-dörd fut hündürlükdə su basdı. Adanın bu tərəfində çay bir neçə mil genişlənsə də, adanın Missuri tərəfi elə əvvəlki kimi də qalmışdı, çünki Missuri sahilləri başdan-başa qayalardan ibarət bir hasar kimidir.
Gündüz qayığa minib adanın ətrafını büsbütün dolandıq. Gecə isə adanın yuxarı qurtaracağına üzüb lap sübh vaxtı oraya çatdıq. Birdən gördük ki, qərb tərəfdən bizə tərəf bir ev üzüb gəlir. Biz qayıqla üzüb ona çatdıq və üstünə çıxdıq. Hava hələ qaranlıq olduğuna görə heç nə görünmürdü. Biz qayığımızı həmin üzən evə bağladıq və oturub səhərin açılmasını gözlədik.
Hava işıqlaşmağa başlayanda biz ayağa qalxıb evin pəncərəsindən içəri boylandıq. Gördük ki, içəridə çarpayı, masa, iki köhnə stul var, döşəməyə müxtəlif əşyalar tökülüb, divardan da pal-paltar asılıb. Evin bir küncündə isə adama oxşar bir şey uzanıb qalmışdı.
Cim qışqırdı:
– Ey, kimsən?
Həmin adam heç tərpənmədi də. Belə olduqda mən də onu səslədim. Cim dedi:
– Məncə, o ölüb. Sən burada qal, mən gedim baxım.
Cim pəncərədən içəri girdi, yerdəki adama yanaşıb əyildi, ona yaxşı-yaxşı baxdıqdan sonra dedi:
– Onu arxadan güllə ilə vurublar. İki, ya üç gün olar ki, öldürülüb. Hek, bura gəl, amma ölünün üzünə baxma, çünki çox heybətlidir.
Mən ona heç baxmadım. Cim onun üstünü evdən tapdığı cır-cındır ilə cəld örtdü. Divardan iki köhnə çit qadın paltarı və bəzi kişi geyimləri asılmışdı. Bizim əlimizə bunlar keçdi: köhnə tənəkə fənər, təzə cib bıçağı, xeyli şam, cırıq pambıq yorğan, kiçik bir balta, bir qədər mismar və iri qarmaqları olan bir tilov. Biz bu əşyaları qayığa daşıdıq, onlara ehtiyacımız ola bilərdi. Artıq yığışıb getməyə hazırlaşanda isə mən bir həsir şlyapa da tapdım.


Ümumiyyətlə, qənimətimiz pis deyildi. Tapdığımız əşyalar bizə gərəkli ola bilərdi.
Biz üzən evi tərk etmək istəyəndə səhər açılmışdı. Həmin vaxt adadan dörddə bir mil aşağıda idik. Mən Cimə dedim ki, qayığın içinə uzansın, üstünü də pambıq yorğanla örtsün. Çünki o, oturaq vəziyyətdə ikən qayığı hərəkət etdirsəydik, sahildən bizi görənlər onun zənci olduğunu uzaqdan baxan kimi anlayardılar.
Cim dediyimə əməl etdikdən sonra qayığı lap sahilin yanı ilə, durğun sularla sürdüm. Biz adaya başımıza heç bir sərgüzəşt gəlmədən çatdıq. Yolda isə heç kimlə rastlaşmadıq.
O biri gün səhər, nədənsə, bərk darıxdım, bir şeylə əylənmək istədim. Cimə dedim ki, qayıqla o biri sahilə üzüb orada nələrin olduğunu öyrənəcəyəm. Bu fikrim Cimin xoşuna gəldi. O, mənə məsləhət gördü ki, hava qaralıncayadək gözləyim, şəhərdə isə ehtiyatlı olum.
Cim bir qədər fikirləşdikdən sonra mənə təklif etdi ki, üzən evdən tapdığımız köhnə paltarların arasından qadın geyimlərini seçim və qız paltarı geyinərək bu görkəmdə şəhərə yollanım. Bu da yaxşı fikir idi.
Biz çit qadın paltarlarından birini gödəltdik, mən həmin paltarı əynimə geydim. Cim arxadan bütün düymələri düymələdi, paltar elə bil lap əynimə tikilmişdi. Həsir şlyapanı başıma qoydum, lentlərini çənəmin altında bağladım. Cim dedi ki, indi səni nəinki gecə vaxtı, heç gündüz də tanımazlar.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/mark-twain/heklberri-finnin-mac-ralari-68289727/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
mil – təxminən 7420 metr uzunluqda məsafə ölçüsü

2
bülöv daşı – bıçaq və digər kəsici alətləri itiləmək üçün daş
Heklberri Finnin macəraları Марк Твен
Heklberri Finnin macəraları

Марк Твен

Тип: электронная книга

Жанр: Литература 19 века

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Heklberri Finnin macəraları, электронная книга автора Марк Твен на азербайджанском языке, в жанре литература 19 века

  • Добавить отзыв