Zəmanəmizin qəhrəmanı

Zəmanəmizin qəhrəmanı
Mixail Lermontov
Dünya ədəbiyyatından seçmələr
Lermontovun Qafqaz təəssüratları əsasında yazdığı bu romanın baş qəhrəmanı öz qüsurlarını bilir, ətrafdakı insanların hislərinə məhəl qoymadan onlara kinayə ilə yanaşır…

Mixail Lermontov
Zəmanəmizin qəhrəmanı

Hər kitabda müqəddimə birinci, eyni zamanda sonuncu amildir. Bu ya əsərin məqsədini izah etmək, ya da tənqidlərə qarşı özünə bəraət qazandırmaq niyyətini güdür. Ancaq, adətən, oxucular tənqidə biganə olduqlarından müqəddimələri oxumurlar. Təəssüflər olsun ki, bizdə xüsusilə belədir. Camaatımız o qədər sadədildir ki, bir təmsilin sonunda əxlaqi nəticə görməyəndə onun mənasını anlamır. Çoxları zarafatı sezmir, kinayəni duymur. Bir sözlə, cəmiyyət yaxşı tərbiyə olunmayıb.
Bu kitab bədbəxtlikdən elə bu yaxınlarda bəzi oxucuların, hətta tənqidçilərin diqqətini özünə cəlb etdi. Bəziləri Zəmanəmizin Qəhrəmanı kimi əxlaqsız bir adamın onlara örnək göstərilməsindən çox incidilər. Bəziləri isə incə şəkildə qeyd etdilər ki, yazıçı özünün və öz tanışlarının portretini çəkib… Nə qədər köhnə və miskin bir zarafat! Nə edəsən, görünür, Rusiya elə yaradılıb ki, onda hər şey yeniləşir, bircə bu mənasız şeylərdən başqa.
Möhtərəm ağalar, Zəmanəmizin Qəhrəmanı, doğrudan da, bir portretdir, ancaq təkcə bir adamın portreti deyil. Bu, bizim bütün nəslimizin ən üzdə olan nöqsanlarını təcəssüm etdirən bir portretdir. Siz mənə yenə deyəcəksiniz ki, insan bu qədər səfeh olmaz. Mən də sizə deyirəm ki, əgər siz bütün faciəvi, romantik zalımların varlığına inanırsınızsa, Peçorinin həqiqi bir adam olduğuna niyə inanmırsınız? Siz bundan daha eybəcər uydurmalara heyran qaldığınız halda, bu adama nə üçün acımırsınız? Bəlkə, bu, Peçorində sizin arzu etdiyinizdən daha çox həqiqət olmasından irəli gəlir?..
Deyəcəksiniz, əxlaq bundan bir şey qazanmır… Bağışlayın. Bəsdir insanlara şirin şeylər yedirtdiniz. Bu şirni onların mədəsini pozub. Onlara acı dərmanlar, acı həqiqətlər lazımdır. Amma elə zənn etməyin ki, bu kitabın müəllifi insan nöqsanlarını islah etmək kimi lovğa bir fikrə düşüb. Allah onu bu cahillikdən saxlasın! Müəllif ancaq bizim zəmanə adamının şəklini çəkməkdən zövq alıb. Həm sizin, həm də özünün bədbəxtliyindən o, belə adamlara tez-tez rast gəlib. Xəstəliyi göstərmək də yetərlidir, müalicəsini Tanrı bilər!

Bela
Poçt arabası ilə Tiflisdən gəlirdim. Kiçik bir çamadandan başqa, yüküm yox idi. Onun da yarısı Gürcüstan haqqında yol qeydlərim, xatirələrimlə dolu idi.
Mən Koyşaur vadisinə çatanda günəş artıq qarlı dağların ardında gizlənməyə başlamışdı. Arabaçım osetin idi. Gecə düşənədək Koyşaur dağına çata bilməkdən ötrü yorulmadan atları qovurdu. Arada var səsi ilə mahnı oxuyurdu. Aşağıda Araqva çayı gümüş bir sap kimi uzanır, ilan qabığı kimi parıldayırdı.
Qarşıda bizi çətin dağ aşırımı gözləyirdi. Arabanı mənzilə çatdırmaq üçün arabaya qoşulmuş bir neçə öküz kirələməli oldum. Çünki artıq payız gəlmişdi, dağ yolları sırsıra bağlamışdı.
Arxamızca başqa bir araba da gəlirdi. Ağzına qədər yüklü olan bu arabanı dörd öküz asanlıqla çəkirdi. Araba sahibi əlli yaşlarında bir adam idi. Epoletsiz[1 - epolet – bəzəkli paqon] zabit sürtükü[2 - sürtük – beli dar, uzunətəkli, ikibortlu kişi üst geyimi] geymiş, başına tüklü çərkəz papağı qoymuşdu. Kabardin çubuğu çəkə-çəkə arabasının arxasınca gedirdi.
Mən yaxınlaşıb salam verdim:
– Biz, deyəsən, sizinlə yol yoldaşıyıq.
O, dinmədən başı ilə təsdiq etdi.
– Yəqin, Stavropola gedirsiniz.
– Elədir ki, var… Hökumət əşyalarını aparıram.
– Burada çoxdanmı qulluq eləyirsiniz?
– Bəli, Aleksey Petroviçin vaxtından.
– Bəs indi nə işindəsiniz?
– İndi üçüncü xətt batalyonunda sayılıram. Bağışlayın, bəs siz?
Mən kim olduğumu söylədim.
Söhbətimiz bununla bitdi, dinməzcə yolumuza davam elədik. Stansiyaya hələ bir verst[3 - verst – 1.06 kilometrə bərabər rus uzunluq ölçüsü (metr üsuluna keçməzdən əvvəl işlənirdi)] qalmışdı. Ətraf o qədər sakit idi ki, milçək uçsa, səsi eşidilərdi. Qaranlıq göydə ulduzlar sayrışmağa başladı. Mənə elə gəldi ki, onlar bizim şimaldakı ulduzlardan daha ucadadır…
Təbiətin bu dərin yuxusu içərisində poçt arabasının cırıltısını, atların boyunlarındakı zınqırovların səsini eşidəndə adamı romantik əhval-ruhiyyə bürüyürdü.
– Sabah gözəl hava olacaq! – dedim.
Ştabs-kapitan bir kəlmə də cavab vermədən barmağı ilə qarşımızdakı uca dağı göstərdi.
– Bu, hansı dağdır? – deyə soruşdum.
– Qüd-Dağıdır. Baxın necə dumanlıdır. Gecəni burada qalmalıyıq, belə çovğunda dağı aşmaq mümkün olmayacaq.
Stansiyada qonaqlardan ötrü otaq olmadığından gecələmək üçün bizə his basmış bir daxma verdilər. Mən yol yoldaşımı çay içməyə dəvət etdim. Bu, Qafqaz səyahətimdə mənə yeganə zövq verən əşya idi. Mənim bir çuqun çaydanım vardı.
Daxma qaranlıq və basırıq idi. Bir yanda qoyunlar mələşir, o biri yanda köpək mırıldayırdı. İki dirək üzərində dayanan geniş daxma adamla dolu idi. Ortalıqda qalanmış ocaq çatırdayırdı. Damın bacasından küləyin içəri təpdiyi tüstüdən ətrafı görmək mümkün deyildi. Ocaq başında iki qarı, çoxlu uşaq və cır-cındır içərisində olan arıq bir gürcü əyləşmişdi. Çarə yox idi! Biz ocağın başında özümüzə yer elədik, çubuq çəkdik. Çox keçmədən çaydan səs eləməyə başladı.
Mat-mat üzümüzə baxan çirkli ev sahiblərinə işarə edib ştabs-kapitana:
– Nə yazıq adamlardır! – dedim.
– Çox axmaq xalqdır! – deyə o cavab verdi. – Bizim kabardinlər, ya çeçenlər lüt olsalar da, qoçaq xalqdır. Amma bunların heç silaha da rəğbətləri yoxdur, birində bir əməlli-başlı xəncərə rast gəlməzsən. Lap əsl osetindirlər!
– Siz Çeçenistanda çoxmu olmusunuz?
– Bəli, mən on il bir rota ilə Daş Keçid yaxınlığında bir qalada olmuşam. O yeri tanıyırsınız?
– Eşitmişəm.
– Bu başkəsənlər bizi cana gətirmişdilər! Tanrıya şükür, indi dincdirlər. Vaxt olurdu, qala bürcündən yüz addım o yana çıxdınmı, görürdün, şeytan uşağı oturub səni güdür. Azca ehtiyatsızlıq eləsəydin, ya kəmənd boğazına keçər, ya da gülləyə tuş gələrdin. Amma qoçaqdırlar.
Mən maraqlanıb:
– Yəqin, başınız çox macəralar çəkib, – dedim.
– Necə çəkməsin?! Çəkib…
O, sol bığını eşməyə başladı, başını yerə dikib fikrə getdi. Bu arada çay qaynadı, çamadanımdan iki yol stəkanı çıxarıb çay süzdüm. O, çaydan bir qurtum alıb öz-özünə danışırmış kimi bir də “Çəkib”, – dedi.
Müsahibimə:
– Çayınıza rom tökümmü? – dedim. – Ağ romum var. Tiflisdən gətirmişəm. Hava da soyuqdu.
– Xeyr, təşəkkür edirəm, içmirəm.
– Nə üçün?
– Elə-belə. Tövbə etmişəm. Mən hələ podporuçik[4 - podporuçik – çar ordusunda hərbi rütbə] olanda bir gün yoldaşlarla yığışdıq, kefləndik. Gecə həyəcan siqnalı verildi, biz də kefli halda irəli çıxdıq. Aleksey Petroviç bundan xəbər tutanda payımızı verdi. O qədər hirsləndi ki, Allah göstərməsin, az qala, bizi tribunala vermişdi… Nə edəsən, görürsən bir il bir yerdə qalırsan, adam üzü görmürsən, azacıq da ki içdin, işin bitdi! Elə çərkəzləri götürün. Toyda, yasda azacıq buza[5 - buza – Bolqarıstan, Krım və Qafqazda yayılmış, buğda və ya arpa unundan hazırlanan zəif alkoqollu içki] içən kimi qırğın düşür. Mən bir dəfə güclə canımı qurtara bildim.
– Bu, necə olmuşdur?
O, çubuğunu doldurub bir qullab vurandan sonra nəql etməyə başladı.


O, çubuğunu doldurub bir qullab vurandan sonra nəql etməyə başladı.

– Bu hadisə təxminən beş il əvvəl olub. O zaman mən bir rotanın tərkibində Terek çayının o tayındakı qalada idim. Bir gün payızda bizə bir zabit arabada azuqə gətirdi. İyirmi beş yaşı olardı, gənc idi. O, rəsmi formada yanıma gəlib, qalada mənim yanımda qalmaq üçün əmr aldığını bildirdi. Zabit o qədər incə, ağbəniz, əynindəki mundiri o qədər təzəydi ki, onun Qafqaza yenicə gəldiyini dərhal anladım.
– Bəs adı nə idi? – deyə mən həmsöhbətim Maksim Maksimıçdan soruşdum.
– Onun adı… Qriqori Alekseyeviç Peçorin idi. Yaxşı oğlandı, amma qəribə xasiyyətləri vardı. Yağışda, soyuqda hamı içəridə donurdu, amma o, bütün gününü ovda keçirirdi. Başqa vaxtlar öz otağında oturur, saatlarla dinib-danışmırdı. Hərdən təkbaşına qaban ovuna gedirdi. Deyəsən, varlı idi: o qədər cürbəcür bahalı əşyaları vardı ki!..
– Sizin yanınızda çoxmu qaldı? – daha bir sual verdim.
– Bir ilə qədər. Lakin bu bir il mənim xatirimdən heç vaxt çıxmaz. Dinləyin, söyləyim.
Qaladan altı verst uzaqda dinc bir tatar knyazı olurdu. Onun on beş yaşında bir oğlu vardı. O, bizim yanımıza gəlməyə dadanmışdı. Yanımıza gəlmək üçün gündə bir şeyi bəhanə edirdi. Diribaş oğlan idi. Dördnala çapan atın belində yerdən papaq götürməyi, at belində sərrast güllə atmağı bacarırdı. Bircə pis xasiyyəti pul düşkünü olmasıydı. Bir gün Qriqori Alekseyeviç məzə üçün ona dedi ki, atasının sürüsündən yaxşı bir keçi gətirsə, bir qızıl onluq verəcək. Ertəsi gecə o, keçini buynuzlayıb sürüyə-sürüyə gətirdi. Hərdən biz qəsdən onu cırnadanda gözləri qanla dolur, o saat xəncərə əl atırdı. Mən ona:
– Əzəmət, sənin başın yaman bəlalar çəkəcək, – deyirdim.
Bir gün qoca tatar bəyi özü gəlib bizi toya çağırdı. Böyük qızını ərə verirdi.
Bəyin evinə çoxlu adam toplaşmışdı. Asiyalılarda yoldan keçəni də, qarşılarına çıxanı da toya çağırmaq adətdir. Bizi hörmətlə qəbul edib qonaq otağına apardılar. Peçorinlə mən yuxarı başda əyləşmişdik. Ev sahibinin on altı yaşındakı kiçik qızı Peçorinə yaxınlaşdı və ona komplimentə oxşar bir söz ataraq oxumağa başladı.
Peçorin ayağa qalxdı, baş əydi, əlini döşünə və gözünün üstünə qoyaraq məndən qıza cavab verməyimi xahiş etdi. Mən onların dilini yaxşı bildiyimdən Peçorinin cavabını tərcümə etdim.
Qız bizdən uzaqlaşanda Qriqori Alekseyeviç dedi:
– Çox qəşəng qızdır, adı nədir?
– Bela, – deyə cavab verdim.
Doğrudan da, qız qəşəng idi. Ucaboy idi, ceyran gözləri kimi qara gözləri vardı. Baxışları adamın ürəyini dəlirdi. Dalğınlaşmış Peçorin gözlərini ondan çəkmirdi. Bela da tez-tez gözlərinin altından ona baxırdı. Lakin Peçorindən başqa, otağın qaranlıq küncündən qırpılmayan bir cüt odlu göz də Belaya zillənmişdi. Mən diqqətlə baxıb köhnə tanışım Kazbiçi tanıdım. Onun qatı bir qaçaq sifəti vardı; balaca, arıq, kürəkləri enli bir adamdı. Amma şeytan kimi qıvraqdı. Hərdən bizim qalaya ucuz qiymətə qoyun gətirərdi. Qiymət üstə çənə-boğaz etməyi sevməzdi. Nə qiymət desə, onu da verməliydin. Atı bütün Kabardada ad qazanmışdı. Dünyada Kazbiçin Qaragöz atından yaxşısı adamın ağlına gəlməzdi. Şəvə kimi qapqara bir kəhərdi, ayaqları incə, gözləri isə Belanın gözlərindən geri qalmazdı. Qaragöz əsl qaçaq atıydı!..
Az sonra mən təmiz hava almaq üçün eşiyə çıxdım. Fikrimdən keçdi ki, çıxmışkən atlara baş çəkim. Çəpərin kənarı ilə gedirdim, birdən qulağıma səs gəldi. İki nəfər idilər. Onların birini səsindən dərhal tanıdım – ev sahibinin oğlu Əzəmət idi. O biri az-az, astadan danışırdı. Çəpərin dibinə sinib qulaq asmağa başladım.
Əzəmət:
– Sənin atın gözəldir, – deyirdi, – əgər üç yüz madyanlıq ilxım olsaydı, yarısını sənin köhlən atınla dəyişərdim, Kazbiç!
“Aha, ikincisi Kazbiçdir!” – deyə düşündüm.
Kazbiç azacıq sükutdan sonra cavab verdi:
– Bəli, bütün Kabardanı gəzsən, belə at tapa bilməzsən. Bir dəfə Terekin o tayında ruslardan ilxı oğurlamağa getmişdim. Amma bəxtim gətirmədi. Dörd kazak mənim dalıma düşmüşdü. Qabaqda isə yoğun meşəlik idi. Yəhərə yatdım, Allahın adını çağırıb, ömrümdə ilk dəfə atıma bir qamçı vurdum. At quş kimi budaqların arasına cumdu. İti tikanlar paltarımı cırır, quru budaqlar üzümə çırpılırdı. Atım kötüklərin üzərindən sıçrayır, kolları sinəsiylə yarırdı. Başımın üstündən bir neçə güllə vıyıldayıb keçdi. Kazakların atdan düşüb məni təqib etdiklərini artıq eşidirdim… Birdən qabağıma yarğan çıxdı. Köhlənim duruxdu və sıçradı. Onun dal ayaqları yarğanın o biri tərəfindən üzüldü, qabaq ayaqlarından asılı qaldı. Mən cilovu buraxıb dərəyə tullandım. Bu, atımı ölümdən xilas etdi, at sıçrayıb o taya keçdi. Bunların hamısını kazaklar gördü. Ancaq məni axtarmaq üçün heç biri yarğana enmədi. Bəlkə də, məni ölmüş bildilər. Atımı tutmaq üçün necə qovduqlarını eşidirdim. Ürəyim qana döndü. Qalın otların içi ilə dərə uzunu süründüm. At meşədən çıxmışdı. Bir neçə kazak talada onu qovurdu. Qaragöz birbaş onlara tərəf çapdı. Arada az qaldı kəməndi boğazına salıb tutsunlar. Mən titrədim, gözümü göyə dikib Allaha yalvardım. Başımı qaldıranda gördüm ki, Qaragöz quyruğunu qaldırıb yel kimi uçur, kafirlərin atı yorğun düşüb ondan çox aralıda qalmışdı. Gecədən xeyli keçənə qədər mən dərədən çıxmadım. Birdən nə görsəm yaxşıdır, Əzəmət? Zülmət içində bir at kişnəyib ayağını yerə döyürdü. Qaragözün səsini o saat tanıdım. O idi, mənim yoldaşım! O zamandan bəri biz ayrılmamışıq.


Əzəmət:
– Sənin atın gözəldir, – deyirdi, – əgər üç yüz madyanlıq ilxım olsaydı, yarısını sənin köhlən atınla dəyişərdim, Kazbiç!

– Qulaq as, Kazbiç, – deyə Əzəmət mehribanlıqla danışırdı, – sən yaxşı adamsan, igidsən. Məni atam dağlara buraxmır, ruslardan qorxur. Atını mənə ver, əvəzində nə istəsən, eləyərəm. Lap atamın ən yaxşı tüfəngini, qılıncını, ürəyin nə istəyir onu oğurlayıb sənə verərəm. İstəyirsən bacımı oğurlayıb verim? Bilirsən necə oynayır, necə oxuyur! Heç Türk padşahının da belə arvadı olmayıb.
Nəhayət, Kazbiç təngə gələrək onun sözünü kəsdi:
– Rədd ol, dəli uşaq! Mənim atımı minmək sənin işin deyil. Üç addım atan kimi səni yıxar, daşlara dəyib boynunu sındırarsan.
Əzəmət coşaraq:
– Mənimi? – deyə bağırdı.
Onun uşaq xəncəri Kazbiçin zirehli geyiminə dəyib zingildədi. Kazbiç Əzəməti itələdi. O, çəpərə nə təhər dəydisə, çəpər yırğalandı. Əzəmət arxalığı cırılımış halda evə qaçıb guya Kazbiçin onu yaralamaq istədiyini deyəndə hay-küy qopdu. Hamı yerindən sıçradı, silahdan yapışdı. Kazbiç isə bayaqdan atının belində qılıncını oynadaraq eşikdə – camaatın arasında şeytan kimi fırlanırdı.
Mən Qriqori Alekseyeviçin əlindən tutub dedim:
– Tez aradan çıxmağımız yaxşıdır.
– Dayanın, görək axırı necə olacaq.
– Yəqin ki, pis olacaq, – dedim. – Asiyalılar belədir – buza içdilərmi, kəshakəs başlanacaq!..
Biz atlarımızı minib evə doğru çapdıq.
Bir az susduqdan sonra ştabs-kapitan ayağını yerə vurub sözünə davam etdi:
– Özümün bir günahımdan heç vaxt keçməyəcəyəm. Şeytan işinə düşdüm: qalaya gələndə çəpərin dibində eşitdiklərimi Qriqori Alekseyeviçə danışdım. O, çox hiyləgər idi. Gördüm gülür – ağlına nə isə bir fikir gəlmişdi.
Dörd gün sonra Əzəmət qalaya gəlmişdi. Peçorinin yanındaydı, mən də ordaydım. Atdan söhbət düşdü. Qriqori Alekseyeviç Kazbiçin atını tərifləməyə başladı. Tatar balasının gözləri parıldadı. Peçorin isə bunu görməməzliyə vurdu. Mən söhbəti nə qədər dəyişmək istəyirdimsə, yenə gəlib Kazbiçin atının üstünə çıxırdı. Bu vəziyyət Əzəmət hər gələndə təkrar olunurdu.
Qriqori Alekseyeviç Əzəməti o qədər qızışdırmışdı ki, o, özünü suya atıb boğmağa hazır idi. Bir dəfə Peçorin ona dedi:
– Əzəmət, o atı çox bəyəndiyini görürəm. De görüm, bu atı sənə bağışlayan adama nə verərsən?
– Nə istəsə.
– Elə isə mən onu səninçün əldə edərəm, ancaq bir şərtlə… And iç ki, əməl edəcəksən…
– And içirəm… Sən də and iç!
– Yaxşı! And içirəm ki, at sənin olacaq! Ancaq əvəzində bacın Belanı mənə verəcəksən. Qaragöz onun başlığı olacaq.
Əzəmət dinmirdi. Birdən coşub:
– Bəs atam? – dedi.
– O heç kənddən bir yana çıxmır?
– Doğrudan da…
– Razısanmı?
– Razıyam, – deyə Əzəmət ölü kimi sapsarı kəsilərək pıçıldadı – nə vaxt?
– Kazbiçin buraya gələcəyi birinci gün.
Bir gün Kazbiç gəlib: “Qoyundan, baldan bir şey istəyirsinizmi?” – deyə soruşdu. Mən ertəsi gün gətirməsini tapşırdım.
Qriqori Alekseyeviç Əzəmətə:
– Sabah Qaragöz mənim əlimdə olacaq. Bela burda olmasa, onda atı görə bilməyəcəksən… – dedi.
– Yaxşı, – deyə Əzəmət atını aula doğru səyirtdi.
Axşamüstü Qriqori Alekseyeviç silahlandı və atlanıb qaladan çıxdı. Onların ikisi də gecə qayıtdı. Keşikçi qolları və ayaqları bağlanmış, başı çadra ilə örtülmüş bir qadının Əzəmətin yəhərinə çəpəki uzadıldığını görmüşdü.
– Bəs at nə oldu? – deyə ştabs-kapitandan soruşdum.
– Kazbiç ertəsi gün səhər tezdən gəldi. Satmaq üçün on qoyun gətirmişdi. Mən onu çaya qonaq etdim. Ordan-burdan söhbət etməyə başladıq. Birdən at ayaqlarının səsi gəldi. Kazbiç dik atıldı:
– Mənim atım!.. Mənim atım! – deyib bəbir kimi bayıra atıldı. Uzaqda toz duman kimi qalxırdı. Əzəmət Qaragözü səyirdirdi. Kazbiç qaça-qaça tüfəngini qaldırıb bir güllə atdı. Güllənin boşa getdiyini yəqin edəndə hayqırıb tüfəngini daşa çırpdı. Yerə döşənib uşaq kimi hönkürdü. Gecə yarısına qədər yerə döşəli qaldı. Ertəsi gün səhər qalaya gəldi. Oğrunun kim olduğunu biləndə Kazbiçin gözləri parladı. Tez Əzəmətin atası yaşayan aula tərəf yola düşdü.
Həmin vaxt Əzəmətin atası evdə yox idi, altı günlüyə harasa getmişdi. O vaxtdan Əzəmət də yoxa çıxdı. Yəqin, bir abrek dəstəsinə qoşulub ya Terekdə, ya da Kubanda qəfil gülləyə tuş gəlmişdi…
Belanın Qriqori Alekseyeviçin evində olduğunu bilincə onun yanına getdim.
Peçorin qabaq otaqda yatağına uzanmışdı.
O, bir əlini başının altına qoyub, o birisi ilə sönməkdə olan çubuğunu tutmuşdu. İkinci otağa açılan qapı bağlanmışdı. Açar da üstündə deyildi. Mən o saat hər şeyi anladım… Öskürməyə və dabanımı astanaya döyməyə başladım. Ancaq o, özünü eşitməməzliyə vurdu.
Mən mümkün qədər ciddi səslə:
– Cənab gizir! – dedim, – Mənim sizin yanınıza gəldiyimi görmürsünüzmü?
– Ah, xoş gördük, Maksim Maksimıç! Çubuq çəkməyə meyliniz varmı? – deyə yerindən qalxmadan cavab verdi.
– Üzr istəyirəm! Mən Maksim Maksimıç yox, ştabs-kapitanam.
– Fərqi yoxdur. Çay istəyirsinizmi? Əgər bir qayğının mənə necə iztirab verdiyini bilsəydiniz.
Mən çarpayıya yaxınlaşaraq:
– Mən hər şeyi bilirəm, – dedim.
– Lap yaxşı. Onsuz da danışmağa hövsələm yoxdur.
– Cənab gizir, sizin tutduğunuz işdə mən də günahkar ola bilərəm…
– Yetər! Nə böyük iş olub axı? Biz ki bir-birimizin dərdinə çoxdan şərikik.
– Zarafat vaxtı deyil! Buyurun, qılıncınızı gətirsinlər!
– Mitka, qılıncı gətir!
Mitka qılıncı gətirib mənə verdi. Mən öz borcumu yerinə yetirib çarpayıda oturdum.
– Bura bax, – dedim, – Qriqori Alekseyeviç, etiraf elə ki, bu, yaxşı iş deyil.
– Nə yaxşı deyil?
– Belanı gətirməyin. Bu Əzəmət mənim başıma bəla oldu.
– O qızı bəyənirəmsə, neyləyə bilərəm.
Nə deyəcəyimi bilmədim. Qızın atası onu tələb edərsə, nə olacaqdı?
Elə belə də dedim:
– Qızın atası istəsə, onu geri qaytarmalı olacaqsan.
– Əsla, ola bilməz!
– Axı o, qızının burada olduğunu əvvəl-axır biləcək!
– Haradan biləcək?
Mən onun bu sözünə məəttəl qaldım. Peçorin yerindən dikələrək:
– Qulaq asın, Maksim Maksimıç! – dedi. – Axı siz mərhəmətli adamsınız. Qızı o vəhşiyə qaytarsaq, ya başını kəsəcək, ya da satacaq. İş-işdən keçib, ruhdan düşmək lazım deyil. Bela mənim yanımda qalsın, qılıncım da sizdə…
Mən:
– Qızı mənə göstərin, – dedim.
– O, bu qapının dalındadır. Mən özüm də bu gün onu görmək istədim. Örtüyünə bürünüb, bir küncdə oturub. Nə danışır, nə də adamın üzünə baxır. Ceyran kimi ürkəkdir. Bizim meyxanaçı qadını ona qulluqçu tutmuşam. O, tatarca bilir. Beladan muğayat olacaq, qızı başa salacaq ki, o, mənimdir.
Belə deyib yumruğunu masaya vuraraq:
– Çünki bu qız məndən başqasına qismət olmayacaq! – deyə əlavə elədi.
Bununla da razılaşdım… Neyləmək olardı? Elə adamlar var ki, onlarla mütləq razılaşmalısan.
– Bəs axırı nə oldu? – deyə mən Maksim Maksimıçdan soruşdum. – O, Belanı özünə ram eləyə bildimi? Yoxsa qız əsarətdə qalıb vətən həsrətiylə əriyib məhv oldu?
– Əzizim, vətən həsrəti nədir? Onun aulundan görünən dağlar qaladan da görünürdü. Onlara da elə bu lazımdı. Bundan başqa, Qriqori Adeksandroviç hər gün ona bir şey bağışlayırdı. İlk günlər Bela dinmədən, qürurla bu hədiyyələri rədd eləyirdi. Hədiyyələr də qulluqçu qadına qalır, onun dilini daha da şirinləşdirirdi. Ah, bu hədiyyələr! Əlvan bir cındır üçün qadın nələr eləməz!.. Eh, nə isə, bunları bir qırağa qoyaq.
Qriqori Alekseyeviç onunla çox əlləşdi. Bu arada o, tatarcanı da öyrəndi, Bela da bizim dili anlamağa başlamışdı. O, yavaş-yavaş gözaltı, qıyqacı nəzərlərlə Qriqori Aleksandroviçə baxmağa alışdı, lakin yenə də qüssəsindən əl çəkmirdi. Öz dilində astadan, elə həzin-həzin mahnılar oxuyurdu ki, qonşu otaqdan onun səsini eşidəndə mən də qüssələnirdim. Bir mənzərəni heç vaxt unutmayacağam. Bir dəfə evlərinin yanından keçəndə pəncərəyə boylandım. Bela başını köksünə əyərək taxtın üstündə oturmuşdu. Qriqori Alekseyeviç isə qapının ağzında dayanmışdı. O:
– Qulaq as, mənim pərim, – deyirdi, – özün bilirsən ki, sən gec-tez mənim olacaqsan, bəs mənə niyə əzab verirsən? Yoxsa sən bir çeçeni sevirsən? Elədirsə, mən səni bu saat evinizə buraxaram.
Bela güclə duyulacaq bir titrəyişlə əsdi və başını buladı.
– Yoxsa, – deyə Qriqori Alekseyeviç davam etdi, – mənə nifrət eləyirsən?
Bela ah çəkdi.
– Yoxsa sənin dinin məni sevməyə yol vermir?! – deyə Peçorin soruşdu.
Belanın rəngi qaçdı və dinmədi. Peçorin onu dilə tutmağa başladı:
– Mənə inan, bütün tayfaların Tanrısı birdir, Tanrı səni sevməyə izin verirsə, sənin məni sevməyini niyə yasaq etməlidir?


Bela başını köksünə əyərək taxtın üstündə oturmuşdu. Qriqori Alekseyeviç isə qapının ağzında dayanmışdı.

Bela bu yeni fikrə heyran olmuş kimi diqqətlə onun üzünə baxdı. Qızın gözlərində həm etimadsızlıq, həm də inanmaq arzusu vardı. Gözlər də ki, nə gözlər! İki köz kimi parıldayan gözlər!
– Qulaq as, sevimli Bela! – deyə Peçorin sözünə davam etdi. – Mənim səni nə qədər sevdiyimi özün görürsən. Sənin könlünü xoş eləmək üçün mən hər şeyimdən keçməyə hazıram. Mən sənin xoşbəxt olmağını istəyirəm. Sən yenə də qüssələnsən, o zaman mən ölərəm. De, üzün heç güləcəkmi?
Bela qara gözlərini ondan ayırmadan fikrə getdi, sonra nəvazişlə gülümsədi, razılıq əlaməti olaraq başını tərpətdi. Peçorin onun əlini əlinə alaraq Belanı dilə tutmağa başladı ki, qız onu öpsün. Qız zərif hərəkətlərlə özünü qoruyur, tez-tez təkrar edirdi: “Lazım deyil, lazım deyil”. Peçorin israr etməyə başladı. Bela titrədi, ağladı:
– Mən sənin əsirinəm, kölənəm. Sən məni, əlbəttə, məcbur edə bilərsən, – deyib təkrar gözünün yaşını tökdü.
Qriqori Alekseyeviç yumruğunu alnına çırpıb cəld o biri otağa keçdi. Mən içəri girdim. O, qollarını çatıb otaqda qaşqabaqlı halda gəzişirdi.
– Nə olub, dostum? – soruşdum.
– Qadın deyil, bu, şeytandır! – deyə cavab verdi. – Amma namusuma and olsun ki, o, mənim olacaq…
Mən başımı buladım. Peçorin isə:
– Mərc gəlirsinizmi? – dedi. – Bir həftəyə kimi!
– Baxarıq, – dedim və biz mərcləşərək ayrıldıq.
Ertəsi gün bəzi şeylər almaq üçün o, kazakını Qızlar şəhərinə göndərdi. Kazak oradan çoxlu İran parçaları ilə geri qayıtdı.
Aldığı hədiyyələri mənə göstərərək:
– Necə bilirsiniz, Maksim Maksimıç, – dedi, – Asiya gözəli bu ipək-mahudların qarşısında dayana biləcəkmi?
Mən:
– Siz çərkəz qızlarını tanımırsınız, – deyə cavab verdim. – Bunlar nə gürcü, nə də Zaqafqaziyadakı tatar qızlarıdır, qətiyyən onlara bənzəməzlər. Bunların öz dəbləri var, həm də başqa cür tərbiyə görüblər.
Qriqori Alekseyeviç gülümsədi və fitlə marş çalmağa başladı.
Axır ki, mən haqlı çıxdım; bəxşişlər istənilən nəticəni göstərmədi. Bela bir qədər nəvazişkar oldu və onun inamı artdı – vəssəlam.
Bir gün Peçorin son vasitəyə əl atmağa qərar verdi. Səhər tezdən atının yəhərlənməsini əmr etdi. Çərkəzlər kimi geyindi, silahlandı. Sonra Belanın otağına girdi:
– Bela! – dedi, – Səni nə qədər sevdiyimi bilirsən. İnanırdım ki, sən də məni sevəcəksən. Səhv etmişəm. Sağlıqla qal! Var-dövlətimin hamısı sənin olsun. İstəyirsən qal, istəyirsən atan evinə qayıt – azadsan. Mən özümü cəzalandırmaq istəyirəm. Ya bir güllə, ya da bir qılınc zərbəsi… Məni xatırla və günahımdan keç!
Peçorin ondan cavab almadıqda qapıya doğru bir-iki addım atdı. Bela yerindən sıçradı, hıçqıra-hıçqıra onun boynuna atıldı. Qapının dalında mən də ağladım. Sonra o, Peçorini nə qədər sevdiyini bizim yanımızdaca etiraf etdi. Onlar xoşbəxt idilər!
Belanın atası qızın qalada olmasından şübhələnmişdi. Bir neçə gün sonra xəbər tutduq ki, qocanı öldürüblər.
Kazbiç elə bilirmiş ki, Əzəmət onun atını atasının razılığı ilə oğurlayıb. Bir gün Kazbiç auldan üç verst kənarda yolda durub gözləyirmiş. Qoca da qızını axtarmaqdan gəlirmiş. Kazbiç qəfildən kolun arxasından çıxaraq pişik kimi daldan atın belinə sıçrayır, bir qılınc zərbəsiylə onu atdan salır. Atı çapıb aradan çıxır. Qocanın adamları baş verən hadisəni təpədən görsələr də, Kazbiçə çata bilmirlər.
Söhbət bu yerə çatanda biz çayımızı içib qurtarmışdıq. Çoxdan qoşulmuş atlar qarda üşüyürdülər. Daxmadan çıxdıq. Hava aydınlaşmışdı. Sağımızda-solumuzda dərin uçurumlar qaralırdı. Yola düşdük. Beş arıq yabı Qüd-Dağın dolama yollarıyla arabalarımızı güclə çəkib aparırdı. Atlar gücdən düşəndə təkərlərin altına daş qoya-qoya arabaların dalınca gedirdik.
Adama elə gəlirdi ki, bu yol bizi göyə aparıb çıxaracaq. Çünki yol göz işlədikcə yuxarı dırmanır, ov gözləyən qaraquş kimi dünəndən bəri Qüd-Dağı zirvəsinə qonmuş buludlar arasında itib yox olurdu. Qar ayağımızın altında xırçıldayırdı. Hava o qədər seyrəkləşmişdi ki, güclə nəfəs alırdıq, qan beynimizə vururdu. Lakin, bununla belə, bütün damarlarıma sevincli bir hiss yayılırdı. Dünya üzərində belə uca yerdə dayandığımıza görə fərəhlənirdim. Boynuma alıram ki, bu, bir uşaq duyğusuydu, lakin cəmiyyətdən uzaqlaşıb təbiətə yaxınlaşdıqca qeyri-ixtiyari hamımız uşaq oluruq. Öyrəndiyimiz, bildiyimiz hər şey beynimizdən silinir, qəlbimiz saflaşır. İnsan ayağı dəyməyən dağları mənim kimi gəzmiş, uzun müddət onların gözəl mənzərələrinə tamaşa etmiş, bu saf havanı acgözlüklə udmuş hər adam mənim bu gözəllikləri başqalarına nağıl etmək, çatdırmaq, təsvir etmək istəyimi, əlbəttə ki, anlayacaqdır. Budur, nəhayət, dırmaşıb Qüd-Dağa çıxdıq. Dayanıb ətrafa boylandıq. Dağın üzərində boz bulud topası sallanmışdı. Onun soyuq nəfəsi tezliklə tufan qopacağını göstərirdi. Lakin şərq hələ o qədər aydın və ulduzluydu ki, biz, yəni Maksim Maksimıçla mən tufan olacağını tamamilə unutmuşduq… Ştabs-kapitanda gözəlliyi və təbiətin əzəmətini duymaq hissi öz sözlərindən vəcdə gəlmiş hekayəçilərin hissindən güclü, həm də dəfələrlə canlı idi.
– Belə görünür, siz bu gözəl mənzərələrə alışıbsınız? – mən soruşdum.
– Bəli, güllə vıyıltısına da, qəlbimizin qəfil döyüntüsünü gizlətməyə də alışmaq mümkündür.
– Elədir, bəzi köhnə əsgərlərə bu musiqinin hətta xoş gəldiyini də eşitmişəm.
– Məlum məsələdir. Düzünü bilmək istəsəniz, bu, xoş bir duyğudur, ancaq yenə səbəb adamın ürəyinin şiddətlə döyünməsidir. Bir baxın, – deyə o, şərqi göstərdi, – görün bir nə ölkədir!
Doğrudan da, belə mənzərəni başqa bir yerdə görəcəyimə inanmıram: aşağıda, ortasından iki gümüş tel kimi Araqva ilə başqa kiçik bir çayın axıb getdiyi Koşuyar vadisi gərilmişdi. Səhərin ilıq şüasından qaçaraq yaxındakı keçidə doğru can atan göyümsov duman vadinin üzəriylə sürünürdü. Sağda-solda qarla, kol-kosla örtülmüş alçaqlı-ucalı dağ yolları bir-birini kəsir… uzanıb gedirdi. Ətrafda bir-birinə bənzəyən iki qaya belə yox idi. Üstünə al qızartı çökmüş qarlar o qədər az, o qədər parlaq idi ki, adam ömrünün sonunadək burda qalıb yaşamaq arzusuna düşürdü. Günəş sürməyi bir dağın başından təzə-təzə boylanırdı. Bu sürməyi dağı yalnız gözü öyrəşmiş adam tufan buludlarından ayıra bilərdi. Lakin günəşin üzərinə qan rəngində bir şırım çəkilmişdi ki, yol yoldaşım buna xüsusi diqqət yetirdi.
Ştabs-kapitan arabaçılara bağırdı:
– Mən sizə demədimmi ki, bu gün hava pozulacaq, tələsmək lazımdır?! Yoxsa Krestovayada tufan bizi yaxalar. Tərpənin!
Təkərlərin sürüşməməsi üçün onlara zəncir bağladıq. Atların cilovundan yapışıb dağı enməyə başladıq. Sağımız sıldırım bir qaya, solumuz elə dərin bir uçurum idi ki, dibindəki osetin kəndi qaranquş yuvası kimi görünürdü. Bir hökumət qulluqçusunun silkələnən arabada ildə azı on dəfə, həm də gecənin zülmətində bu yoldan gəlib keçdiyini düşünəndə dəhşətə gəldim. Bizim arabaçıların biri yaroslavllı rus mujiki[6 - mujik – burjua-zadəgan jarqonunda kobud, qaba, savadsız, cahil adam mənasını verir.], digəri osetin idi. Yan atlarını qabaqcadan açmış osetin atının cilovundan tutub ehtiyatla çəkir, bizim bivec rus isə hətta arabadan da düşmürdü. Mən ona:
– Sən, heç olmasa, mənim çamadanımın qeydinə qal, onu gətirmək üçün dərənin dibinə düşmək istəmirəm, – dedim.
O, mənə belə cavab verdi:
– Eh, cənab! Bu yolu birinci dəfə getmirik ki!
O, haqlı idi – biz mənzilə, doğrudan da, salamat gəlib çıxdıq. Əgər insanlar bir az dərindən düşünsəydilər, anlayardılar ki, həyat üçün bu qədər narahat olmağa dəyməz.
Yol boyu istəyirdim ki, ştabs-kapitan Bela əhvalatının davamını danışsın, amma onu məcbur etmək istəmədim.
Nəhayət, biz Qüd-Dağından Şeytan Vadisinə endik. Şeytan Vadisinə girəndə ştabs-kapitan qarla örtülü bir təpəni göstərib:
– Bu da Xaçlı Dağ! – dedi.
Təpənin kəlləsində bir daş xaç qaralırdı. Onun yanından keçən yol güclə görünürdü. Bu yoldan ancaq böyürdəki yolu qar bağlayanda gedirdilər. Arabaçılarımız hələ qar uçqunu olmadığını bildirdilər və atları əldən salmamaq üçün bizi dolama apardılar. Yolu dönəndə beş osetinə rast gəldik. Onlar qulluqlarını tərif edərək arabaların təkərlərindən ya-pışdılar. Səs-küylə arabalarımızı itələməyə və atlara kömək etməyə başladılar. Doğrudan da, təhlükəli yol idi. Sağda, başımızın üstündə sanki bir küləyə bənd imiş kimi uçub dərəyə töküləcək qar yığınları sallanmışdı. Dar yolda qar o qədər də çox deyildi. Bəzi yerlərdə qar ayağımızın altından qaçırdı. Bəzi yerlərdə isə ərimiş qar gecənin şaxtasında buz bağlamışdı. Sürüşüb yıxılmamaq üçün üzüyuxarı çətinliklə qalxırdıq. Bir kərə atlar büdrədi. Saat ikidə Xaçlı Dağı güclə dolanıb qurtardıq – iki saata iki verst! Bu arada buludlar aşağı çökdü, dolu və qar yağmağa başladı. Külək dərəyə soxularaq vıyıldayır, sanki fit çalırdı. Azacıq sonra daş xaç şərqdən bir-birinin ardınca gələn sıx duman içində gizləndi. Yeri gəlmişkən deyim ki, belə bir rəvayət var ki, guya bu xaçı Pyotr Qafqazdan keçərkən qoydurmuşdur. Lakin, birincisi, Pyotr yalnız Dağıstana gəlmiş, ikincisi də, xaçın üzərində iri hərflərlə onun general Yermolovun əmri ilə 1824-cü ildə qoyulduğu yazılmışdı. Ancaq xaçın üzərindəki yazıya baxmayaraq, bu rəvayət o qədər kök salmışdı ki, adam bilmirdi hansına inansın. Həm də biz yazıya inanmağa alışmamışıq axı.
Kobi stansiyasına çatmaq üçün xeyli yol vardı. Atlar əldən düşmüşdü, biz üşüyürdük. Buz bağlamış beş verst yolu bu vəziyyətdə gedə bilməzdik.
Boran bizim doğma şimal boranları kimi, getdikcə daha şiddətlə uğuldayırdı. Ancaq onun vəhşi mahnıları kədərli və iniltili idi. “Sən də yurdundan didərginsən,” – deyə düşündüm. “Geniş, azad çöllərin həsrəti ilə ağlayırsan! Orada qanadlarını açmağa bolluca yer var. Burda isə özünü dəmir qəfəsin barmaqlıqlarına çırparaq, qıy vuran qartal kimi darısqallıqda boğulursan”.
Ştabs-kapitan:
– İşimiz xarabdır! – dedi. – Baxın, dörd tərəfimizdə dumandan, qardan başqa bir şey görünmür. Ehtiyatlı olun, ya uçuruma yıxılarıq, ya da bir xəndəyin dibinə düşüb qalarıq. Aşağıda isə, yəqin, Baydara elə coşub ki, keçmək olmayacaq. Ah, bu Asiya! Nə adamlarına, nə də çaylarına bel bağlamaq olar!
Arabaçılar söyüş söyə-söyə, çığıra-çığıra atları döyəcləyirdilər. Atlar fınxırıb dirənir, qırmancların vıyıltısına baxmayaraq, yerlərindən tərpənmək istəmirdilər. Axırda arabaçılardan biri dedi:
– Cənab, axı bu gün biz Kobiyə yetişə bilmərik. İmkan var ikən, izin verin, sola burulaq. Baxın, dağın döşündəki qaraltını görürsünüz? Daxmadır, yolçular həmişə orada düşüb havanın açılmasını gözləyirlər.
Sonra da o, osetinləri göstərərək əlavə etdi:
– Bunlar deyirlər ki, araq pulu versəniz, bələdçilik eləyərik.
Ştabs-kapitan:
– Bilirəm, qardaş, sənsiz də bilirəm! – dedi. – Bu məlunlar araq pulu qoparmaq üçün bəhanə tapdıqlarına sevinirlər.
Mənsə dedim:
– Lakin etiraf edim ki, bunlarsız işimiz çətin olardı.
– Elədir, elədir, – deyə ştabs-kapitan donquldandı. – Bu bələdçilər həmişə belədir, harada qazanc olduğunu dərhal duyurlar, bunlarsız yolu tapmaq olmazmış, guya.
Dağın döşündə, həqiqətən də, nə isə vardı. Daxma olduğunu güman edib ona sarı döndük. Əyinləri cır-cındır olan daxma sahibləri bizi mehribanlıqla qəbul etdilər. Mən ocağın qırağında əyləşərək:
– İşlərimiz yaxşılaşır, – dedim, – indi siz Bela əhvalatının ardını danışa bilərsiniz! Əminəm ki, hadisə söylədiyinizlə bitməyib.
Ştabs-kapitan hiyləgər bir təbəssümlə göz vuraraq cavab verdi:
– Nə üçün siz bu qədər əminsiniz?
– Çünki qayda belədir: qeyri-adi bir şəkildə başlanan iş eləcə də bitməlidir.
– Haqlısınız… Amma bu əhvalatı yadıma salanda o qədər kədərlənirəm ki! Bela çox qəşəng qız idi! Mən ona öz qızım kimi alışmışdım, o da mənim xətrimi çox istəyirdi.
Sizə deməliyəm ki, mənim ailəm yoxdur. Artıq on iki ildir ki, ata-anamdan da xəbərim yoxdur. Əvvəldən evlənmək haqqında düşünmədim, indi isə bu, mənə yaraşan iş deyil! Mən əzizləmək üçün bir bala tapdığıma sevinirdim. Bela bəzən bizə mahnı oxuyur, ya da oynayırdı! Bizim quberniya qızlarını görmüşəm. İyirmi il əvvəl bir dəfə Moskvada klubda olmuşam, onlar hara, Bela hara!.. Qriqori Alekseyeviç onu kukla kimi o qədər bəzəyir, o qədər nazını çəkirdi ki, Bela axırda elə gözəlləşdi – daha nə deyim… Çöhrəsindəki, əllərindəki gün ləkələri getdi, yanaqları allaşdı… Ah, nə qədər şən idi. Həmişə zarafatlaşar, dəcəllik eləyərdi… Yeri cənnət olsun!..
Atasının ölüm xəbərini ondan xeyli vaxt gizlətdik. Biləndə iki gün ağladı, sonra isə unutdu.
Dörd ay olduqca yaxşı keçdi. Qriqori Alekseyeviç ova getməyi çox xoşlayırdı. Belanı qaçırdıqdan sonra qala bürcündən bir addım da qırağa çıxmamışdı. Lakin bir gün heç kəsə bildirmədən ova getdi. Bütün günü yox oldu. Bir dəfə də getdi, iki dəfə də, sonralar daha tez-tez getməyə başladı.
İndiki kimi gözlərimin qabağındadır – bir gün səhər onlara getdim. Bela çarpayıda oturmuşdu. Rəngi elə qaçmış, elə qəmgin idi ki…
– Peçorin haradadır? – deyə soruşdum.
– Ova gedib.
– Bu günmü gedib?
– Yox, dünən, – dedi.
– Bəlkə, başına bir iş gəlib?
– Mən dünən bütün günü hey fikirləşmişəm, – deyə Bela göz yaşları içində cavab verdi. – Bəlkə, onu bir qaban yaralayıb, ya bir çeçen tutub dağlara aparıb… İndi isə mənə elə gəlir ki, o, artıq məni sevmir.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/mihail-lermontov/z-man-mizin-q-hr-mani-68289715/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
epolet – bəzəkli paqon

2
sürtük – beli dar, uzunətəkli, ikibortlu kişi üst geyimi

3
verst – 1.06 kilometrə bərabər rus uzunluq ölçüsü (metr üsuluna keçməzdən əvvəl işlənirdi)

4
podporuçik – çar ordusunda hərbi rütbə

5
buza – Bolqarıstan, Krım və Qafqazda yayılmış, buğda və ya arpa unundan hazırlanan zəif alkoqollu içki

6
mujik – burjua-zadəgan jarqonunda kobud, qaba, savadsız, cahil adam mənasını verir.
Zəmanəmizin qəhrəmanı Михаил Лермонтов
Zəmanəmizin qəhrəmanı

Михаил Лермонтов

Тип: электронная книга

Жанр: Русская классика

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Zəmanəmizin qəhrəmanı, электронная книга автора Михаил Лермонтов на азербайджанском языке, в жанре русская классика

  • Добавить отзыв