Görünməz adam
Herbert Uells
Dünya ədəbiyyatından seçmələr
Qriffin adlı ingilis fiziki görünməzliyin sirrini kəşf edir və bundan qorxunc məqsədlər üçün faydalanmaq qərarına gəlir. Nəticədə hadisələr təhlükəli istiqamətdə inkişaf edir və Qriffin üçün faciə ilə bitir.
Herbert Uells
Görünməz adam
NAMƏLUM ADAMIN GƏLİŞİ
Naməlum adam fevralın əvvəlində, soyuq bir qış günündə gəldi.
Aypinqdə şiddətli külək əsir, çovğun getdikcə güclənirdi. Buna baxmayaraq o, dəmiryol stansiyasından piyada gəlmişdi. Onun qalın əlcəkli əlində balaca, qara bir çanta vardı. Naməlum adam başdan-ayağa qədər bürünmüşdü. Şlyapasının geniş kənarları onun üzünü tamam örtmüşdü.
O, donmuş halda, yorğun ayaqlarını güclə çəkərək özünü “Arabaçı və atlar” mehmanxanasına saldı. Çantasını yerə atıb boğuq səslə dilləndi:
– Siz Allah, ocağı qalayın, mənə isti otaq verin!
O, üstünün qarını çırpıb kirayə barədə danışmaq üçün mehmanxana sahibəsinin arxasınca qəbul otağına keçdi. Söhbət qısa oldu. Naməlum adam misis Hollun masası üstünə iki soveren[1 - Soveren – XV əsrdən etibarən İngiltərədə istifadə edilən qızıl pul] atıb mehmanxanada otaq tutdu.
Missis Holl müsafirin otağına süfrə, qab-qacaq, stəkan apardı və xüsusi təmtəraqla stolun üstünə düzməyə başladı. Buxarı çırtıltıyla yanırdı. Müsafirin hələ də şlyapasını və paltosunu çıxarmaması missis Hollu son dərəcə heyrətə salmışdı. Pəncərənin önündə dayanmış naməlum adam arxasını missis Holla çevirib yağan qara tamaşa edirdi. Sanki nə barədə isə çox dərindən düşünürdü. Missis Holl onun çiynində əriyən qarın damla-damla xalçanın üstünə töküldüyünü gördü.
Bu zaman mehmanxana sahibÿsi onun böyük göy gözlük taxdûğûnû vÿ üzünün tamam örtülü olduğunu gördü.
– İzin verin, cənab, sizin palto və şlyapanızı aparım, – deyə Missis Holl ona müraciət etdi. – Mən onları mətbəxə aparıb asaram, quruyar.
Naməlum adam başını çevirib çiyninin üstündən ona baxıb:
– Mən onları soyunmağı münasib bilmirəm, – dedi.
Bu zaman mehmanxana sahibəsi onun böyük göy gözlük taxdığını və üzünün tamam örtülü olduğunu gördü.
– Yaxşı, cənab, – dedi. – Kefiniz necə istəyir, elə dә olsun.
Naməlum adam heç bir cavab vermədi və yenə üzünü pəncərəyə tərəf çevirdi. Missis Holl söhbətin baş tutmadığını görüb stolun üstünü tələsik düzəltdi və otaqdan çıxdı.
Sahibə geri qayıdarkən onu yenə də daş heykəl kimi pəncərənin qabağında dayanan gördü. Missis Holl qayğanağı və vetçinanı stolun üstünə qoyub ucadan dedi:
– Yemək hazırdır, cənab.
– Təşəkkür edirəm, – deyə о cavab verdi.
Sahibə otaqdan çıxıb qapını örtməyincə naməlum adam yerindən tərpənmədi. Sahibə getdikdən sonra tez çevrilib stola yanaşdı.
Mehmanxana sahibəsi mətbəxə qayıdıb xardal qabını doldurdu və onu qızılı naxışlı qara siniyə qoyub qonaq otağına apardı.
O, qapını tıqqıldadıb içəri girərkən qərib adam nəyi isə gizlədirmiş kimi cəld hərəkət etdi. Qadın stolun altında ağ bir şeyin yox olduğunu güclə sezə bildi. Sahibə xardal qabını stolun üstünə qoydu. Bu zaman qonağın palto və şlyapasının buxarının qabağındakı stuldan asıldığını gördü, buxarının polad barmaqlığında isə bir cüt yaş çəkmə vardı.
Missis Holl qəti addımlarla buxarıya yaxınlaşdı və etiraz qəbul etməyən bir tərzdə dedi:
– Zənn edirəm, indi bu şeyləri qurutmaq üçün aparmaq olar.
Müsafir boğuq bir səslə:
– Şlyapama dəyməyin, – dedi.
Qadın çevriləndə müsafirin dümdüz oturub ona baxdığını gördü. Gözləri alacalanmış və heyrətdən dili tutulmuş qadın bir dəqiqə sanki quruyub qaldı.
Müsafir üzünün aşağı hissəsini nə isə ağ bir şeylə örtmüşdü, belə ki, ağzı və çənəsi heç görünmürdü. Lakin missis Hollu heyrətə salan tək bu deyildi. Müsafirin alnı ağ tənziflə sarınmışdı. Hətta qulaqları da sarıqlı idi. Üzündə sarıqlı olmayan yalnız çəhrayı burnu idi. Naməlum adam ağ yaxalıqlı, qəhvəyi məxmər gödəkcə geymişdi. Qara saçları çarpaz sarılmış tənzifin altından pırtlaşıq halda çıxdığından o, son dərəcə qəribə bir görkəm almışdı. Naməlum adam qəhvəyi əlcəkli əli ilə dəsmalı üzünə tutaraq tünd-göy gözlüyü arxasından mehmanxana sahibəsinə baxmaqda davam edirdi.
Sahibə paltarları götürüb dedi:
– Bu saat bunları qurudaram.
Naməlum adam sərt səslə dedi:
– Təşəkkür edirəm.
Sahibə otaqdan çıxarkən yenə də onun ağ tənziflə sarınmış başına və tünd-göy gözlüyünə baxdı. Naməlum adam ağzını hələ də dəsmalla örtmüşdü. Qadın gördüklərindən elə bir vahiməyə düşmüşdü ki, qapını örtərkən bütün vücudu titrəyirdi.
Missis Holl stolun üstünü yığışdırmağa gəldiyi zaman naməlum adam arxasını pəncərəyə çevirərək küncdə oturmuşdu. Görünür, yeyib doyduqdan və isindikdən sonra o özünü yaxşı hiss edirdi, artıq əvvəlki kimi acıqlı danışmırdı.
– Stansiyada mənim bəzi әşyalarım qalıb, onların dalınca adam göndərmək olarmı? – dedi.
Qadın:
– Ancaq sabah! – deyə cavab verdi.
Qərib sarıqlı başını nəzakətlə aşağı əyərək:
– Daha tez mümkün deyilmi? – dedi.
Sahibə mümkün olmadığını dedikdə o çox narazı qaldı:
– Heç cür mümkün deyil? – deyə israr etdi. – Bəlkə, bir adam tapasınız?
Missis Holl onu söhbətə cəlb etmək ümidi ilə suallarına həvəslə cavab verirdi:
– Stansiyaya gedən yol çox dikdir. Keçən il bu yolda bir ekipaj çevrilmişdi. Sərnişin və arabaçı yıxılıb ölmüşdü. Eh, ölüm gözlə qaş arasındadır. Bir dəqiqənin içərisində hər şey ola bilər, elə deyilmi, cənab?
Lakin qonağı söhbətə cəlb etmək o qədər də asan deyildi. O, tündrəngli gözlüyünün arxasından qadına sakitcə baxaraq:
– Zəhmət olmasa, mənə kibrit verin, – deyə birdən-birə onun sözünü kəsdi. – Çubuğum sönüb.
Qonağın bu saymazyanalığı sahibənin xoşuna gəlmədi. Qadın bir an ona acıqlı-acıqlı baxdı, lakin qonağın verdiyi iki sovereni yadına salıb kibrit gətirməyə getdi.
Qadın kibriti stolun üstünə qoyduqda o:
– Təşəkkür edirəm, – dedi və arxasını ona çevirib yenidən pəncərəyə baxmağa başladı.
MİSTER TEDDİ HENFRİNİN İLK TƏƏSSÜRATI
H ava qaralanda missis Holl düşündü ki, kirayəçinin otağına gedib ona çay təklif etmək yaxşı olardı. Elə bu zaman mehmanxanaya saatsaz Teddi Henfri girdi.
– Missis Holl, necə murdar havadır, – dedi. – Mən isə yüngül ayaqqabı geymişəm.
Missis Holl saatsazın sözünü təsdiq etdi və onun alətlərini özü ilə gətirdiyini görərək sevincək dedi:
– Bir halda ki buradasınız, zəhmət çəkib bizim qonaq otağındakı saata baxaydınız.
Qadın saatsazı qonaq otağına apardı. O, qapını açarkən müsafirin buxarı qabağında kresloda oturub mürgülədiyini gördü… Onun tənziflə sarınmış başı yana əyilmişdi. Bir an qadına elə gəldi ki, kirayəçinin üzünün bütün aşağı hissəsi dəhşətli, geniş açılmış ağızdan ibarətdir.
Birdən naməlum adam tərpəndi, kresloda gərnəşdi və əlini qaldırdı. Bu zaman qadın ona daha diqqətlə baxa bildi, onun üzünün indi dəsmal əvəzinə şərflə örtülü olduğunu gördü. Mehmanxana sahibəsi:
– Cənab, izin versəydiniz, saatsaz saata baxardı, – dedi.
Qonaq yuxulu halda ətrafına nəzər saldı.
– Saata baxsın? – deyə soruşdu. Sonra əlavə etdi: – Buyursun!
Mister Teddi Henfri otağa girib tənziflə sarınmış adamla üz-üzə gəldi. Maraqla ona baxaraq:
– Ümidvaram ki, sizi narahat etmərəm, – dedi.
– Qətiyyən yox, – deyə müsafir cavab verdi.
Sonra o, missis Holla müraciət edərək əlavə etdi:
– Hərçənd güman edirdim ki, bu otaq mənim şəxsi istifadəm üçün ayrılmışdır.
Mehmanxana sahibəsi:
– Mən fikirləşdim ki, cənab, sizə də saatın yaxşı işləməsi lazım…
Naməlum adam onun sözünü kəsdi:
– Əlbəttə, əlbəttə… Amma mən yalqız qalmağı sevirəm.
O, arxasını buxarıya tərəf çevirib ayağını ayağının üstünə aşırdı:
– Yəqin ki, mən kimliyim barədə sizə əvvəlcədən məlumat verməli idim. Lakin soyuqdan elə donmuşdum və elə yorğun idim ki, dilim söz tutmurdu. Mən tədqiqatçıyam…
– Belə de! – deyə missis Holl heyrətini bildirdi.
Naməlum adam deyəcəyi sözləri götür-qoy edərək asta-asta sözünə davam etdi:
– Mənim Aypinqə gəlməyimin əsas səbəbi yalqız qalmaq arzusudur. Məşğələ zamanı istərdim ki, məni narahat edən olmasın. Məsələ burasındadır ki, mənim gözlərim bəzən o qədər zəifləyib şiddətlə ağrımağa başlayır ki, mən saatlarla qapını bağlayıb qaranlıq otaqda qalmalı oluram. Bu ağrılar başlayanda ən kiçik bir narahatlıq, başqa bir adamın otağa girməsi mənə əzab verir. Mənə elə gəlir ki, bu haqda sizi qabaqcadan xəbərdar etməyim yaxşıdır.
– Əlbəttə, cənab! – deyə qadın otaqdan çıxdı.
Müsafir buxarının qabağında oturaraq saatı təmir edən mister Henfriyə acıqlı-acıqlı baxırdı.
Mister Henfri təbiətən hər şeylə maraqlanan adam idi. O heç bir ehtiyac olmadığı halda mexanizmi saatın içindən çıxartdı ki, işi uzatsın və naməlum adamı söhbətə cəlb edə bilsin.
Naməlum adam qəzəbini zorla saxlayaraq:
– Siz nə üçün işinizi qurtarıb getmirsiniz? – dedi. – Görəcəyiniz iş təkcə saatın əqrəbini oxa bərkitməkdən ibarət idi. Siz isə burada boş yerə qurdalanırsınız.
– Əlbəttə, cənab, bir dəqiqə… Mən nəzərdən qaçırmışdım ki…
Mister Henfri tez işini bitirdi və bərk incimiş halda çıxıb getdi.
Saatsaz mehmanxanadan çıxanda mister Holla rast gəldi. Mehmanxana sahibəsinin əri dəmiryol stansiyasından qayıdırdı. O, Henfrini görüb atları saxladı.
– Necəsən, Teddi? – deyə xəbər aldı.
Teddi naməlum adamın müəmmalı davranışının təsiri altında idi. Odur ki Hollun salamına cavab vermədən tez dilləndi:
– Sizin mehmanxanada şübhəli bir şəxs yerləşmişdir.
Bu sözlər Hollu xeyli təəccübləndirdi:
– Necə?
Teddi qəribə qonağı həvəslə Holla təsvir etməyə başladı:
– Görkəmindən biədəb bir məxluqdur. Mehmanxananızda otaq tutub, ancaq indiyə kimi heç öz adını belə deməyib. Üz-gözünü sarıyıb, sifətini də görmək olmur. Deyirəm, bəlkə, xəstədir…
Holl fikirli-fikirli:
– Doğrudanmı? – deyə soruşdu.
– Bəli, – deyə Teddi təsdiq etdi. – Bu adam otağı bir həftəliyə kirayəyə götürüb. Öz dediyinə görə, stansiyada çoxlu əşyası var, sabah gəlməlidir.
Teddi ilə söhbət Hollu əməlli-başlı narahat etdi. O ləngimədən naməlum qonağın kim olduğunu aydınlaşdırmağa qərar verdi. Lakin mister Holl evə daxil olanda əvvəlcə arvadının dolu kimi yağdırdığı töhmətlərə tab gətirməli oldu. Missis Holl ərini stansiyada bu qədər çox ləngidiyinə görə danlayırdı. Yeni kirayəçi haqqında ərinin qorxa-qorxa verdiyi suallara isə mehmanxana sahibəsi kəskin, lakin qeyri-müəyyən cavablar verdi.
– Rica edirəm, özgənin işinə burnunu soxmayasan. Yaxşısı budur, öz işinlə məşğul ol, mən sənsiz də keçinərəm.
Mister Holl:
– Siz arvadlar heç nə qanmırsınız, – dedi və qərara aldı ki, fürsət düşən kimi qonağın şəxsiyyətini dəqiqləşdirsin.
Missis Holl ərinə acıqlansa da, başa düşürdü ki, çox qəribə bir müsafir qəbul edib və buna özü də narahat idi.
MİN BİR ŞÜŞƏ QAB
Ertəsi gün naməlum adamın nəm çəkmiş və palçığa bulaşmış әşyaları mehmanxanaya gətirildi. Onun iki çamadan yükü adi səyahətçi çamadanından fərqlənmirdi. Lakin çamadanlardan başqa, bir neçə yeşik və saman doldurulmuş yarım düjün səbət vardı. Cingilti səsindən başa düşmək olurdu ki, samanın içindəki şüşə qablardır.
Mister Holl xidmətçi Milli ilə boşboğazlıq etdiyi zaman qapıda naməlum adam göründü. Həmişəki kimi, başında şlyapa, əynində palto, əlcək, şərf var idi. Müsafir:
– Yeşikləri otağa aparın. Mən onları çoxdan gözləyirəm, – deyib əsəbi halda geri döndü.
Mister Holl:
– Gedim görüm nə olub? – deyə naməlum adamın ardınca getdi.
O, yuxarı çıxdı. Naməlum adamın otağının qapısı yarıaçıq olduğu üçün icazə almadan qapını açıb içəri girdi.
Pəncərənin pərdəsi salınmışdı, otaq yarıqaranlıq idi. Naməlum qonaq otaqda görünmürdü. Bunun əvəzinə Holl çox qəribə bir şey gördü: üzərində üç böyük ləkə olan, insan sifətini xatırladan kiçik ağ duman sanki havadan asılı vəziyyətdə donub-qalmışdı. Sonra bu duman tərpəndi və Holl sinəsinə endirilən güclü zərbədən səndirləyib dəhlizə düşdü. Onun arxasınca qapı örtüldü və açarla bağlandı.
Holl qaranlıq dəhlizdə dayanıb baş verənləri anlamağa çalışır, nə edəcəyini bilmirdi.
Bir az fikirləşdikdən sonra o, küçədə, mehmanxananın qapısı qabağında yığışmış adamlara qarışdı. Missis Holl da burada idi. Onlar qəribə qonaq və onun müəmmalı hərəkətləri haqqında danışırdılar. Qarşıdakı dükanın sahibi Haksters də onlara yanaşıb nə hadisə baş verdiyini xəbər aldı.
Onların danışıqlarına qulaq asan mister Holla bir anlığa elə gəldi ki, indicə yuxarıda heç bir qəribə hadisə olmamışdır, yəqin, onu qara basıb. O, arvadına dedi:
– Qonaq dedi ki, əşyaları içəri daşımaq lazımdır.
Missis Holl amiranə səslə dilləndi:
– Daşıyın!
Birinci səbət qonaq otağına aparılan kimi naməlum adam səbirsizliklə onu boşaltmağa başladı. O, səbətlərin içindən toz, şərab, zeytun olan müxtəlif ölçülərdə rəngbərəng butulkalar, üstündə “zəhər” sözü yazılmış əyri şüşə qablar çıxarmağa başladı. Bütün bunları cərgə ilə bufetin, masanın üstünə, buxarının taxçasına, pəncərənin qabağına, döşəməyə – hər tərəfə düzdü. Heç yerli əczaxanada da, yəqin ki, bu qədər butulka yox idi.
Bu çox maraqlı bir səhnə idi. O, bir-birinin dalınca səbətləri açır, hamısından da butulka çıxırdı. Nəhayət, altı səbətin altısı da boşaldı. Butulkadan başqa, səbətlərdən bir xeyli sınaq şüşəsi və səliqə ilə qablanmış tərəzi çıxdı. Sonra naməlum adam yeşikləri boşaltmağa başladı. Burada xeyli əlyazma kitab var idi.
Həmin gün naməlum adam tam bir sakitlik içində işlədi. Yalnız bir dəfə otaqdan butulkaların cingiltisi eşidildi, qonaq stolu itələyib onları qəzəblə yerə atdı, sonra onun otaqda gəzişdiyi eşidildi.
Missis Holl nə isə baş verəcəyindən qorxaraq qapıya yanaşıb qulaq asmağa başladı.
Naməlum adam qəzəblə:
– Bir şey çıxmayacaq, – deyə donquldanırdı. – Çıxmayacaq. Üç yüz min, dörd yüz min. Bu sonsuz ədədlər. Aldanmışam. Bütün ömrüm buna gedəcək… Səbir etmək?! Ancaq nə qədər?! Demək asandır. Mən axmağam, axmaq…
Qadın ona çay gətirdiyi zaman küncdə güzgünün altında sınmış butulkalar və səliqəsiz silinmiş qızılı bir ləkə gördü. Qadın müsafirin diqqətini buna cəlb etdi.
Naməlum adam:
– Bunların hamısını hesaba salın, – deyə çəmkirdi. – Siz Allah, mənə mane olmayın. Məndən bir ziyan gələrsə, bunu mənim hesabıma yazın.
O, yenə də qabağındakı dəftərə qeydlər yazmağa davam edərək susdu.
QUDURMUŞ MEBEL
Ruhlar günü idi. Hava yenicə işıqlaşmağa başlayırdı. Mister və missis Holl – ikisi də tezdən durub yavaşca zirzəmiyə düşdülər.
Yenicə zirzəmiyə girmişdilər ki, missis Hollun yadına düşdü ki, yataq otağındakı lampanı götürməyi unudub. O, ərini lampanın dalınca göndərdi. Dəhlizə çıxarkən Holl naməlum adamın otağının qapısını aralı görüb təəccüb etdi. Lakin ayaq saxlamadan yataq otağına keçdi və arvadının dediyi yerdə lampanı tapdı.
Geri qayıdarkən mister Holl bayır qapısının cəftəsinin açıq olduğunu gördü. O yaxşı xatırlayırdı ki, gecə missis Holl qapını bağlamışdı, arvadı qapının cəftəsini vuranda o özü lampa ilə işıq salırdı. Holl heyrət içində dayandı, sonra əlində lampa yuxarı qayıtdı, kirayəçinin qapısını döydü, amma cavab verən olmadı. Daha sonra qapını taybatay açıb otağa girdi. Otaqda heç kim yox idi. Naməlum adamın bütün pal-paltarı və tənzifləri kreslodan və çarpayının başından asılmışdı. Holl tam şaşqınlıq içində otağın ortasında dayanmışdı ki, birdən aşağıdan, zirzəmidən arvadının səsini eşitdi:
– Nə oldu, Corc, harada qaldın?!
Holl geri dönüb arvadının yanına tələsdi. O, pilləkəndən zirzəmiyə tərəf əyilib arvadını səslədi:
– Cenni! Kirayəçi otaqda yoxdur, küçə qapısı da açıqdır.
Missis Holl əvvəlcə onun nə barədə danışdığını başa düşmədi. Lakin işin nə yerdə olduğunu dərk edəndə özü boş otağa baxmağı qərara aldı.
Mister Holl:
– Onun özü burada yoxdur, amma paltarı buradadır, – dedi. – Paltarsız o hara gedə bilər? Qəribə işdir…
Onlar zirzəmidən pilləkənlə yuxarı çıxarkən ikisinə də elə gəldi ki, kim isə bayır qapısını açıb örtdü. Lakin onlar qapını bağlı gördükləri üçün bu barədə bir-birinə heç bir söz demədilər. Dəhlizdə missis Holl ərindən qabağa keçib yuxarıya qalxdı. Bu zaman pilləkəndə kim isə asqırdı. Holl arvadının asqırdığını düşündü; bir az irəlidə gedən arvadı isə asqıranın əri olduğuna əmin idi. O, yuxarı çıxaraq qapını taybatay açdı və naməlum adamın otağını gözdən keçirməyə başladı.
– Ömrümdə belə şey görməmişəm! – missis Holl dedi.
Bu zaman arxada, lap qulağının dibində kimsə fısıldadı. Qadın geri dönərək ərinin ondan on-on iki addım uzaqda durduğunu görüb lap mat qaldı. Əyilib yastığı və döşəkağını əli ilə yoxladı.
– Soyuqdur… – dedi. – O, bir saatdan artıqdır ki, yoxdur.
Missis Holl bu sözləri deyib qurtarmışdı ki, olduqca qəribə bir hadisə baş verdi. Döşəkağı burulub bükələndi və dərhal çarpayının başından atlandı. Elə bil kiminsə əli onu bürmələyib atdı. Bunun dalınca naməlum adamın şlyapası asıldığı yerdən sıçrayıb havada qövs cızaraq düz missis Hollun sifətinə çırpıldı. Sonra kreslo naməlum adamın pencək və şalvarını saymazyana öz üstündən atdı və havaya qalxaraq ayaqlarının dördünü də missis Holla tərəf çevirdi. Kreslo qadını nişan alaraq onun üzərinə hücum etdi. Qadın qışqırdı və qapıya tərəf döndü, bu zaman kreslonun ayaqları ehmalca, lakin qətiyyətlə onun kürəyinə dirənərək itələyib otaqdan çıxartdı. Qapı tarappıltı ilə örtüldü, açarın səsi eşidildi. Kreslo ilə çarpayı, öz qələbələrini bayram edirlərmiş kimi, bir qədər rəqs etdilər. Sonra birdən-birə hər şey sakitləşdi.
Missis Holl huşunu itirərək ərinin qolları üstünə düşdü. Mister Holl bu hay-küydən oyanmış xidmətçi Millinin köməyi ilə missis Hollu aşağıya aparıb sakitləşdirici damcı dərmanı verdi.
Missis Holl, nəhayət, özünə gələrək:
– Bunlar cinlərdir, – dedi. – Mən onlar barədə qəzetlərdə oxumuşam. Stol və stullar tullanıb oynamağa başlayır…
Holl onun sözünü kəsərək:
– Bir az da iç, Cenni, – dedi. – Bu səni sakitləşdirər.
– Qapını bağla. Onu daha içəri buraxma. Mən çoxdan şübhələnirdim… Necə də başa düşməmişəm?
– Bir az da damcıdan iç, Cenni, – deyə Holl təkid edirdi. – Əsəblərin lap pozulub.
Artıq saat beş idi. Onlar üzbəüzdə yaşayan dəmirçi mister Sendi Uocersi oyatmaq üçün Millini ora göndərdilər.
Milli gedib dəmirçini oyatdı. Onlar mehmanxanaya çatana kimi xidmətçi qız sahiblərindən eşitdiklərini qonşuya danışdı. Mister Uocers Millinin dediklərinə o qədər də təəccüblənmədi.
– And içməyə hazıram ki, bu, cadu kələyidir, – dedi. – Belə kirayəçinin bircə buynuzu əskikdir.
Sendi Uocers baş verənləri ətraflı öyrəndikdən sonra mister Holla müraciətlə dedi:
– Mən sizin yerinizə olsaydım, içəri girib bunların hamısının səbəbini ondan xəbər alardım, izahat tələb edərdim, – dedi.
Onlar bir yerdə yuxarı qalxdılar. Mister Holl qapını döydü, sonra yavaşca aralayıb:
– Bağışlayın… – deyə sözə başladı.
İçəridən naməlum adamın qəzəbli səsi gəldi:
– Rədd olun cəhənnəmə! Qapını örtün!
NAMƏLUM ADAMIN İFŞA OLUNMASI
N aməlum adam günortaya qədər “Arabaçı və atlar” mehmanxanasındakı otağından bayıra çıxmadı. Bu müddət ərzində o heç nə yeməmişdi. Yəqin ki, bərk ac idi. O, üç dəfə zəng çaldı, lakin heç kəs cavab vermədi.
Missis Holl:
– Eybi yoxdur, “rədd olun cəhənnəmə” deməyi mən ona göstərərəm, – deyə donquldanırdı.
Mister Holl Uocerslə birlikdə məsləhət üçün şəhər hakiminin yanına getdi.
Təlaşa düşmüş, lakin maraqdan içini yeyən adamların dəstəsi getdikcə böyüyürdü. Qonşu missis Haksters gəldi. Ruhlar günü münasibətilə bəzənərək qara pencək geyib ağ qalstuk taxmış bir neçə zirək oğlan da gəlib yetişdi. Onlar mənasız suallar verməyə başladılar.
Günortaya yaxın naməlum adam birdən qapını açıb kandarda dayandı və piştaxtanın yanında oturmuş üç-dörd adama diqqətlə baxdı:
– Missis Holl, – deyə çığırdı.
Bufetə yığışmış adamlardan biri sahibəni çağırmaq üçün onun otağına yönəldi.
Missis Holl tövşüyə-tövşüyə, lakin qətiyyətlə içəri girdi. Mister Holl hələ qayıtmamışdı. Qadın artıq hər şeyi ölçüb-biçmiş və əlində balaca bir sini ilə gəlmişdi. Sinidə pulu ödənilməmiş hesab kağızı var idi.
– Siz borcunuzu ödəmək istəyirsinizmi? – deyə qadın xəbər aldı.
– Nə üçün siz mənə səhər yeməyi vermədiniz? Yoxsa elə düşünürsünüz ki, mən yeməksiz də keçinə bilərəm?
– Nə üçün siz hesabı ödəmirsiniz? – deyə missis Holl xəbər aldı. – Mən bunu bilmək istərdim.
– Üç gün bundan əvvəl sizə dedim ki, mən pul gözləyirəm…
– Mən də üç gün bundan əvvəl sizə demişdim ki, sizin pul gözləyib-gözləməməyinizin mənə dəxli yoxdur.
Naməlum adam susdu. Piştaxtanın yanında duranlar hamısı missis Hollun ona üstün gəldiyini hiss edirdi. Naməlum adamın sözləri də bunu təsdiq elədi.
– Qulaq asın, əzizim… – deyə o sözə başladı.
Missis Holl onun sözünü kəsərək:
– Mən sizin əziziniz deyiləm, – dedi.
Görünür, bu söz naməlum adamın heç xoşuna gəlmədi. Ayağını yerə vurub:
– Nə demək istəyirsiniz? – deyə qışqırdı.
– Ancaq onu demək istəyirəm ki, siz mənim və başqalarının başa düşə bilmədiyi bəzi şeyləri bizə izah etməlisiniz. Mən bilmək istərdim ki, otağınız boş olduğu halda siz yenidən orada necə peyda ol-dunuz. Bu evdə qalan kirayəçilər qapıdan girib-çıxırlar, siz isə başqa cür edirsiniz və mən bilmək istərdim ki, siz bunu necə edirsiniz. Bir də mən bilmək istərdim ki…
Bu zaman naməlum adam birdən əlcəkli yumruqlarını qaldırıb ayağını yerə vurdu və “Bəsdir!” – deyə elə bərkdən bağırdı ki, missis Holl o saat səsini kəsdi.
– Siz mənim kim və nəçi olduğumu anlamırsınız, – dedi. – Mən sizə göstərərəm. Allaha and olsun, göstərərəm.
O bu sözləri deyə-deyə əlini üzünə tutdu və dərhal geri çəkdi. Üzün tən ortasında boşluq göründü.
– Budur, – dedi və bir addım irəli ataraq missis Holla nə isə uzatdı.
Qadın gözlərini onun dəyişilən üzündən ayırmadan uzatdığı şeyi qeyri-ixtiyari aldı. Sonra həmin şeyə baxıb bərkdən çığırdı, onu yerə atıb geri çəkildi. Naməlum adamın çəhrayı rəngli burnu boş karton qutusu kimi taqqıldaya-taqqıldaya döşəmənin üstüylə yuvarlandı. Sonra o, gözlüyünü çıxartdı, heyrətdən oradakıların gözləri bərəlmişdi. Şlyapasını başından götürdü, qəzəblə bakenbardını və tənzifləri qoparmağa başladı. Onlar çətinliklə qopurdu. Hamı dəhşətdən donub-qalmışdı. Bura yığışanlar gözləyirdilər ki, tənzifin altında eybəcər, dəhşətli yaralar görəcəklər. Bütün bunların əvəzində isə boşluq gördülər. Sonra onlar bufetdəki səs-küyə mətbəxdən yüyürüb gəlmiş və başsız adamla üz-üzə çıxmış Millinin qulaqbatırıcı qışqırığını eşitdilər. Qışqırıq birdən-birə kəsildi.
Bu zaman mehmanxananın qarşısına yığışanların sayı durmadan artırdı. Heç bir dəqiqə keçməmiş burada böyük bir izdiham yarandı. Adamlar səs-küy salır, bir-birini itələyir, müxtəlif suallar verir, cürbəcür uydurmalar söyləyirdilər. Heç kim danışılanlara qulaq asmırdı, hamı birdən danışırdı.
– Qulyabanıdır.
– Görün nə işlərdən çıxmışdır?
– Deyəsən, qulluqçunu yaralayıb.
– Gərək ki, onların üstünə bıçaq çəkib.
– Yox, məcazi mənada deyil, həqiqi mənada başı yoxdur. Doğru deyirəm, o, başsız adamdır!
– Boş şeydir. Yəqin ki, bir fənd işlədir.
– O, tənzifləri açan kimi…
Adamlar açıq qapıdan baxmağa, bəziləri hətta içəri soxulmağa çalışırdı. Birdən arxa sıralarda qarışıqlıq düşdü. İzdiham aralanıb qətiyyətlə evə tərəf gedən kiçik dəstəyə yol verdi. Bu dəstənin başında qızarıb pörtmüş və döyüşə hazır görünən mister Holl, onun dalınca konstebl[2 - Konstebl – polis məmuru] mister Bobbi Caffers və nəhayət, ən axırda mister Uocers addımlayırdı. Onlar naməlum adamı həbs etmək haqqında əmr almışdılar.
Qapının ağzında duranlarla qısa söhbətdən sonra mister Caffers:
– Başının olub-olmamasının mənim üçün fərqi yoxdur, – deyə bildirdi. – Mən onu həbs etmək əmrini almışam və bu əmri yerinə yetirəcəyəm.
Mister Holl pilləkənlə yuxarı qalxdı, düz qonaq otağının qapısına tərəf gedib qapını açdı.
– Konstebl, – deyə o, Caffersə müraciət etdi. – Vəzifənizi yerinə yetirin.
İçəriyə əvvəlcə Caffers, onun dalınca da Holl, lap axırda isə Uocers girdi.
Onlar alaqaranlıq otaqda qabaqlarında başsız bir heykəl gördülər.
– Budur o, – Holl dedi.
Heykəlin yaxası üstündəki boşluqdan:
– Bu nədir belə? – deyə acıqlı səs eşidildi.
Caffers:
– Sizin kimisini mən hələ görməmişdim, cənab, – dedi. – Lakin başınız olsa da, olmasa da, fərqi yoxdur, əmrdə göstərilmişdir ki, həbs edilsin, vəzifə borcu isə hər şeydən üstündür…
Heykəl bir neçə addım geri çəkilərək:
– Yaxın gəlməyin! – deyə çığırdı.
Naməlum adam sol əlindəki əlcəyi çıxarıb Caffersin üzünə çırpdı. Caffers bir əli ilə görünməz əlin biləyindən, o biri əli ilə isə görünməz boğazdan yapışdı. Bu zaman ayağına dəyən güclü zərbənin ağrısından möhkəm çığırdı. Holl Caffersə kömək etmək istədi. Konstebl naməlum adamdan bərk yapışmışdı. Onlar bir-biri ilə süpürüşərək stula toxundular. Stul gurultu ilə bir tərəfə düşdü və hər ikisi yerə yıxıldı. Caffers:
– Onun ayaqlarından yapışın, – deyə fısıldadı.
Mister Holl bu əmri yerinə yetirməyə çalışarkən sinəsindən bərk zərbə alıb bir dəqiqəliyə sıradan çıxdı. Mister Uocers isə başsız adamın Caffersi əziş-dirdiyini, ona üstün gəldiyini görüb qorxaraq qapıya tərəf çəkildi və bu zaman onlara köməyə tələsən mister Haksters və daha bir nəfərlə toqquşdu. Bu vaxt rəfdən üç-dörd butulka düşdü, onlar sınıb havanı üfunətli iylə doldurdu.
Naməlum adam Caffersi altına basdığına baxmayaraq:
– Təslim oluram! – deyib çığırdı və zorla nəfəsini dərərək: – Onsuz da mənimlə bacarmayacaqsınız, – deyə əlavə etdi.
Sanki boşluqdan qopub gələn bu səsi eşitmək son dərəcə qəribə idi.
Caffers var gücünü toplayaraq ayağa qalxdı və kəmərindən sallanan bir cüt əl qandalını çıxardı. Lakin elə həmin an da qarşısındakı məxluqa baxaraq:
– Əcəb işə düşdük! – deyə səsləndi. – Lənət şeytana! Mən bunları nəyə taxacağam?
Bu zaman naməlum adamın boşluqdan gələn səsi eşidildi:
– Sizdən rica edərdim ki, məndən uzaq durasınız. Məsələ burasındadır ki, mənim başım, qollarım, ayaqlarım və bütün başqa üzvlərimin hamısı öz yerindədir. Ancaq mən görünməz adamam. Mən başa düşürəm ki, bu sizi narahat edir. Ancaq nə etmək olar? Hər halda, mənim bu vəziyyətə düşməyim hər yoldan ötənə məni dürtmələmək haqqı vermir!
Haksters naməlum adamın sözlərinə inanmadı.
– Nə? Görünməz adam? – dedi. – Belə şey əsla ola bilməz.
– Bu, bəlkə də, qəribədir, lakin burada heç bir cinayət yoxdur. Konstebl nəyə əsasən mənim üzərimə atılır?
Caffers:
– Bu, tamamilə başqa məsələdir, – dedi. – Doğrudur, bura bir az qaranlıqdır, sizi görmək çətindir, ancaq məndə sizi həbs etmək haqqında əmr var və bu, qaydasınca tərtib olunub. Siz görünməz olduğunuz üçün yox, qarət etdiyinizə görə həbs edilməlisiniz. Bu yaxın evlərin birində qarət olmuş və pul oğurlanmışdır.
Görünməz adam:
– Uydurmadır, – deyə çığırdı.
– Ümidvaram ki, belədir, cənab, lakin əmr almışam.
– Yaxşı, – dedi. – Mən sizinlə gedərəm. Gedərəm, ancaq qandalsız.
Caffers:
– Qayda var axı, – deyə etiraz etdi.
– Qandalsız, – deyə israr etdi.
– Bağışlayın, bunsuz olmaz, – dedi.
Birdən naməlum adam vücudunu əydi və oradakılar nə baş verdiyini anlayana kimi ayaqqabısını, şalvar və corablarını stolun altına atdı. Sonra özü sıçrayıb qalxdı.
Caffers birdən işin nə yerdə olduğunu başa düşüb:
– Dayan! Dayan! – deyə çığırdı. – Onu tutun! Əgər o, tamam soyunsa…
Hamı:
– Tutun onu! – deyə çığıraraq havada uçan ağ köynəyin üstünə cumdu. Bu, naməlum adamın əynində qalmış yeganə paltar idi.
Caffers köynəkdən bərk-bərk yapışdı, lakin bununla yalnız onun çıxarılmasına kömək etdi. Bu zaman konsteblin alt çənəsinə möhkəm bir zərbə dəydi. Gözlərindən qığılcım çıxan Caffers polis dəyənəyini qapıb var gücü ilə həmin tərəfə cavab zərbəsi endirdi. Lakin dəyənək havada qövs cızıb haradansa peyda olmuş Teddi Henfrinin kəlləsinə dəydi.
– Tutun onu! – deyə hamı çığıraraq hauada uçan ağ köynəyin üstünə cumdu. Bu, naməlum adamın əynində qalmış yeganə paltar idi.
Otaqdakılar: “Özünü gözlə!”, “Vur onu!”, “Qoyma aradan çıxsın!” – deyə bağıraraq əlləri ilə hara gəldi zərbələr endirirdilər. Nəhayət, Caffers tövşüyə-tövşüyə:
– Tutdum! – deyə çığırdı.
O, görünməz düşməni əldən buraxmadan adamların içərisində fırlanırdı. Üzü qıpqırmızı qızarmış, gərginlikdən damarları qabarmışdı. Camaat aralanıb yol verdi. Caffers boğuq səslə nə isə qışqırır, düşməni əldən buraxmadan var gücü ilə onu təpikləyirdi. Sonra o səndələyib arxası üstə yerə yıxıldı. Yalnız bundan sonra onun əlləri boşaldı.
Bir cavan oğlan əlində çömçə həmin səmtə yüyürdü, lakin o da başından aldığı zərbədən buradaca yerə sərilmiş konsteblin üstünə yıxıldı. Mehmanxanadakı adamlar dəli kimi boşluğa zərbələr endirdiyi zaman küçədəki qadınlardan biri ayağının nəyə isə dolaşdığını hiss edib yıxıldı və bərkdən qışqırdı. Mehmanxana qarşısındakı adamlar bir qədər də əl-qol atdıqdan sonra başa düşdülər ki, naməlum adam artıq onların arasında deyil.
MİSTER TOMAS MARVEL
M ister Tomas Marveli təsəvvür etmək üçün gözünüzün qarşısına kök, bürüşük üzlü, həmişə selikli, yastıburunlu, iri ağızlı, topasaqqal bir adam gətirməlisiniz. Başına həsir silindr qoyurdu, libasının ən mühüm yerlərində düymələrin çox zaman çəkmə bağı ilə əvəz edilməsi onun əbədi subaylardan olduğuna dəlalət edirdi.
Mister Tomas Marvel Aypinqdən təxminən bir mil yarım uzaqda yolun kənarında ayaqlarını arxa sallayıb oturmuşdu. Ayaqlarında tamam süzülüb getmiş corabdan başqa heç bir şey yox idi. Corabların deşiyindən çıxan enli baş barmaqları itin şəklənmiş qulaqlarına oxşayırdı. Hər şeyi tələsmədən, asta-asta edən bu adam indi ayağına ölçmək istədiyi iki cüt çəkməni gözdən keçirirdi. Buna görə də ala-bəzək çəkmələrin dördünü də cüt-cüt yerə düzdü və onlara tamaşa etməyə başladı. Çəkmələrin otların arasında necə durduğunu görüncə birdən-birə hər iki cütün çox yöndəmsiz olduğunu qət etdi. O, arxa tərəfdən səs eşitdikdə qətiyyən təəccüblənmədi.
– Necə olsa, yenə çəkmədir də, – səs dedi.
Mister Tomas Marvel səs gələn tərəfə baxmadan:
– Bu çəkmələri mənə bağışlayıblar, – dedi. – İki cütdür. İntəhası ikisi birinə dəyməz, biri də heçə. Doğrusunu deyim ki, çəkməsiz gəzdiyim vaxtlar da olmuşdur. Ancaq bu cür yöndəmsiz çəkmələri heç vaxt geyməmişəm. Siz bircə bunlara baxın, mənim bəxtim belədir.
O bu sözləri deyib öz ayaqqabısı ilə müqayisə etmək üçün çiyninin üstündən müsahibinin ayaqqabısına baxmaq istədi. Amma һər tərəf bomboş idi. Hansı tərəfə baxırdısa, heç kəs görünmürdü. Kənarlarında arxlar qazılmış və ağ sütunlar basdırılmış hamar yol şimala və cәnuba doğru uzanıb gedirdi.
Mister Tomas Marvel pencəyini düymələyərək:
– Allah, özün kömək ol! – deyə səsləndi. – Hamısı araq zəhrimardandır.
– Arağın bura dəxli yoxdur, – səs dedi. – Həyəcanlanmayın!
Mister Marvel rəngi qaçmış halda:
– Yox, yox! Hamısı araqdandır, – deyə pıçıldadı.
O, bir müddət yerindən tərpənməyib düz qabağına baxdı, sonra yavaş-yavaş yan-yörəsinə nəzər salaraq:
– Mən… dəli olmuşam… – dedi. – Ağlım başımdan çıxıb!.. Bəlkə, bu, cinlərdir?
– Cinlərin də dəxli yoxdur, – səs dedi. – Sən bir qulaq as, gör nə deyirəm!
– Əlbəttə, mən dəli olmuşam, – deyə Tomas Marvel durmadan təkrar edirdi.
Səs hirsini zorla saxlayaraq təkidlə:
– Bircə dəqiqə dayan, – dedi.
Mister Marvel hiss etdi ki, kiminsə barmaqları onun çiyninə toxundu. Bütün vücudu titrəsə də, birtəhər özünü toplayıb:
– Yaxşı, – deyə cavab verdi.
– Sən elə zənn edirsən ki, mən sənin ancaq xəyalına gəlmişəm? Bu yalnız xəyaldır?
Mister Marvel cavab vermək istәdi. Lakin dili söz tutmadı. O, bir dəqiqə hərəkətsiz dayanıb:
– Heç bir şey başa düşmürəm, – dedi.
– Hər şey aydın və sadədir, mən Görünməzəm.
– Nağıl danışma! Hələ, bəlkə, deyəsən ki, sən havasan.
– Bəli, mən hava kimi şəffafam…
– Hə? Yəni sənin içində heç bir şey yoxdur? Təkcə elə bir çərənləyən səsin var, vəssalam?
– Mən də başqaları kimi bir insanam, ətim, qanım var. Ancaq mən Görünməzəm, aydındırmı?
– Demək, sən əsl adamsan?
– Bəli.
– Əgər elə isə, əlini mənə ver… Ay! Bir az yavaş.
Marvel onun biləyindən yapışmış ələ toxundu, sonra qorxa-qorxa əlini onun çiynində, əzələli sinəsində və saqqalında gəzdirdi. Onun üzündən heyrət oxunurdu.
– Səni inandırıram ki, burada heç bir möcüzə yoxdur, – deyə Görünməz adam onu sakitləşdirmək istədi..
– Mənim sadə düşüncəm üçün bu, kifayət qədər qəribədir, – deyə mister Tomas Marvel cavab verdi. – Axı sən bunu necə edirsən?
– Bu çox uzun məsələdir. Həm də ki…
– Mən heç cür özümə gələ bilmirəm, – mister Marvel dedi.
– İndi gör mən sənə nə demək istəyirəm. Mənim köməyə ehtiyacım var. Məni bu hala gətiriblər. Mən sənə təsadüfən rast gəldim. Qəzəbimdən ağlımı itirərək çılpaq, yorğun bir halda gedirdim. Mən adam öldürməyə hazırdım… Birdən səni gördüm…
– Aman Allah! – mister Marvelin sanki damarlarında qanı dondu.
– Mən arxa tərəfdən sənə yaxınlaşdım. “Bu da mənim kimi bir səfildir, – deyə düşündüm. – Bax mənə lazım olan adam elə budur”.
– Ay Allah, – deyə mister Marvel səsləndi. – Axı bu nə işdir mən düşdüm? Görünməz adam! Mən yazığın sənə nə köməyi dəyə bilər?
– İstəyirəm ki, sən paltar, sığınacaq və bəzi başqa şeylər tapmaqda mənə kömək edəsən…
– Dayan! – dedi. – Qoy bir fikrimi toplayım. Mən indi ayağa duracağam. Sən mənə mane olma, yaxşı? Toxunma ha mənə. Bir qədər sakitləşməliyəm. Bunlar hamısı elə ağlasığmazdır ki… Boş təpələr, bomboş səma, ətrafda təbiətdən başqa heç bir şey görünmür… Qəfil bir səs. Göydən gələn səs. Allah, sən saxla!
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/gerbert-uells/gorunm-z-adam-68289691/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Soveren – XV əsrdən etibarən İngiltərədə istifadə edilən qızıl pul
2
Konstebl – polis məmuru