Şahzadə və dilənçi

Şahzadə və dilənçi
Mark Tven
Dünya ədəbiyyatından seçmələr
Bir-birinə hədsiz bənəzyən iki oğlan təsadüf nəticəsində həyatdakı rollarını dəyişirlər: şahzadə dilənçiyə, dilənçi isə şahzadəyə çevrilir. Bununla da qeyri-adi əhvalatın əsası qoyulur…

Mark Tven
ŞAHZADƏ VƏ DİLƏNÇİ

Bu kitabı Suzi və Klara Klemenslərin atası mehriban və tərbiyəli uşaqlarına böyük məhəbbət hissi ilə həsr etmişdir.


Bu povesti mən sizə bir adamdan eşitdiyim kimi söyləyəcəyəm. O adam da öz atasından eşitmişdi, atası da babasından, babası da öz atasından eşitmişdi. Demək, üç yüz il, bəlkə də, daha artıq bir vaxtda bu povest atalardan oğullara keçmiş, beləliklə, nəsilbənəsil saxlanmışdır. Bəlkə də, bu, tarixi faktdır, bəlkə də, dastandır, bəlkə də, rəvayətdir. Çox güman ki, belə bir əhvalat olmuşdur…

Şahzadə və dilənçinin doğulması
Bu əhvalat on altıncı əsrin ortalarında baş vermişdir.
Payız günlərinin birində, qədim London şəhərində, yoxsul Kentinin ailəsində bir oğlan uşağı doğuldu. Onun adını Tom qoydular. Uşağın doğulması heç kimi sevindirmədi, çünki o, yoxsul ailənin qayğılarını daha da artıracaqdı.
Elə həmin gün İngiltərə kralı Tüdorun ailəsində başqa bir uşaq dünyaya gəldi. İngiltərə çoxdan bəri onun həsrətini çəkir, ondan ötrü Allaha dua edirdi. Həmin gün xalq İngiltərə vəliəhdinin doğulmasını bayram edirdi. Yoxsullar da, varlılar da şənlik edir, şərab içirdilər.
İngiltərənin hər tərəfində ancaq körpə Uels şahzadəsi Eduard Tüdorun söhbəti gedirdi. Cır-cındıra bürünmüş Tom Kenti isə heç kimi maraqlandırmırdı.

Tomun uşaqlığı
Bir neçə il keçdi.
London artıq on beş əsr ömür sürmüşdü və o zamanın böyük şəhəri idi. Burada yüz min, bəlkə də, daha çox ailə yaşayırdı. Şəhərin Tom Kenti yaşayan hissəsində, London körpüsünün yanında küçələr dar, əyri və palçıqlı, evlər taxtadan idi.
Tomgilin yaşadığı ev üfunətli bir dalanda yerləşirdi. Dalana "Tör-töküntülər həyəti" deyirdilər. Yoxsul adamlarla dolu olan bu köhnə, sınıq-salxaq evdə Kenti ailəsi üçüncü mərtəbədə bir otaqda yaşayırdı. Otağın küncündə Tomun atası ilə anasının çarpayıya oxşar bir şeyləri var idi; Tomun, nənəsinin, Bet və Nen adlı iki bacısının isə müəyyən bir yeri yox idi, bütün döşəmə onların ixtiyarında idi, kefləri istəyən yerdə yatırdılar.
Bet və Nen on beş yaşında, əkiz, mehriban qızlardı. Paltarları cır-cındır, özləri də çox pinti və avam idilər. Ana da onlardan geri qalmazdı. Lakin ata ilə nənə lap pis idi. Onlar harada oldu içib keflənər, bir-biriylə, ya da qabaqlarına çıxan hər kəslə dalaşar, həmişə söyüş söyərdilər. Con Kenti oğru, ana isə dilənçi idi. Onlar uşaqlara da dilənməyi öyrətmişdilər, oğurluğu isə öyrədə bilmirdilər.
Bu evdəki otaqlardan birində mərhəmətli, qoca bir keşiş yaşayırdı. O tez-tez uşaqları öz otağına aparır, ataanalarından gizli onlara yaxşı şeylər öyrədirdi. Toma yazmaq və oxumaq, hətta bir az latın dilini də öyrətmişdi.
Tör-töküntülər həyəti arı yuvasına bənzəyirdi. Burada sərxoşluq, savaşmaq, baş yarmaq adi hal idi. Bununla belə, balaca Tom özünü bədbəxt hiss etmirdi, axı bu həyətdə bütün uşaqlar belə yaşayırdılar. Ona elə gəlirdi ki, elə belə də olmalıdır. Axşam evə əliboş qayıdanda bilirdi ki, atası onu söyəcək və kötəkləyəcək. Gecəyarısı anası xəlvətcə onun yanına gələr, özü yeməyib xəlvətcə onun üçün saxladığı quru çörək qırığını və ya süfrə artığını ona verərdi.
Tom yalnız döyülməkdən yaxasını qurtarmaq üçün dilənirdi. Əslində isə bu işə heç həvəsi yox idi. Vaxtının çoxunu keşiş Endrünün yanında keçirir, onun divlər və cırtdanlar, sehrbazlar və pərilər, tilsimli saraylar, əzəmətli krallar və şahzadələr haqqında söylədiyi nağıllara böyük maraqla qulaq asırdı. Onun xəyalı bu cür gözəl nağıllarla dolu idi. Gecələr bəzən ac və yorğun halda xəyala dalar, kral sarayında bir şahzadənin gözəl həyatını təsəvvür edər, təhqirləri və ağrıları yaddan çıxarardı.
Tom keşişin qədim kitablarını oxuyar, anlamadığı cümlələrin mənasını ondan soruşardı. Yavaş-yavaş bu kitablar və xəyallar onun həyatında böyük dəyişikliklər əmələ gətirməyə başladı. Onun şirin xəyallarının qəhrəmanları o qədər gözəldilər ki, o öz cındır paltarından sıxılmağa başladı. Təmiz olmaq və yaxşı geyinmək istədi. Doğrudur, o indi də tez-tez palçıqda oynayır və bundan çox ləzzət alırdı. Lakin indi Temzada yalnız əylənmək üçün çimmirdi; artıq Tom üçün təmiz olmağın böyük əhəmiyyəti var idi.
Oxuduğu kitablar və saray haqqındakı xəyalları Toma o qədər təsir etmişdi ki, özünü şahzadəyə oxşatmağa başlamışdı. Onun danışıq və hərəkətləri çox ədalı idi. Tom saray əyanlarının təmtəraqlı danışıqlarını və hərəkətlərini məharətlə təqlid edirdi. Həyətin uşaqları buna təəccüblənirdilər və getdikcə Tomun nüfuzu artırdı. Onlar Tomun bu hərəkətlərini valideynlərinə danışırdılar. Nəhayət, böyüklər də Tom Kentinin istedadlı və qeyri-adi uşaq olmasına inandılar. Onlar çətin hallarda Tomla məsləhətləşməyə başladılar və çox zaman onun dərrakəsinə, ağıllı hökmlərinə heyran qalırdılar.
Çox keçmədi, Tom özü üçün bir "kral sarayı" düzəltdi. O özü şahzadə olmuşdu; yaxın yoldaşları isə gözətçilər, saray əyanları, mehtərlər, saray xanımları idilər. Hər gün onu saray qaydaları ilə qarşılayırdılar, dövlət əhəmiyyətli məsələlər həll edirdilər. Yalançı şahzadə orduya, donanmaya, vəzirlərə fərmanlar verirdi.
Sonra da öz cındır paltarında dilənməyə gedir, güclə bir neçə fartinq[1 - Fartinq- az dəyərli mis pul vahidi] dilənir, axşamlar da öz kötək payını almaq üçün evə qayıdırdı. Lakin gecələr şah sarayı və şahzadələr haqqında xəyallar ona kötəklərin ağrısını unutdururdu.

Tomun şahzadəyə rast gəlməsi
Bir gün Tom yuxudan ac qalxdı və ac da evdən çıxıb getdi. O hara getdiyini, ətrafında nələr olduğunu hiss etmədən şəhəri dolaşırdı. Bəziləri onu itələyir, bəziləri söyürdü, lakin o, xəyala elə dalmışdı ki, heç bir şey görmür, heç nə eşitmirdi. Özü də hiss etmədən şəhərdən kənara çıxdı. Tom heç vaxt evdən bu qədər uzaqlaşmamışdı. Tənbəl-tənbəl dolaşaraq bəzəkli və əzəmətli Vestminster sarayının yanına gəlib çatdı. O, gözəl imarətlərlə əhatə olunmuş daş binaya, möhtəşəm bürclərə, qüllələrə heyranlıqla baxırdı. Bura kralsarayı idi. Əgər bəxti gətirsə, təsadüfən əsl şahzadəni görə bilərdi.
Zərli darvazanın hər iki tərəfində heykəl kimi hərəkətsiz əsgərlər dayanmışdı. Bunlar başdan-ayağa par-par parıldayan polad geyim içində idilər. Qəşəng geyimli ağaları gətirən faytonlar saray həyətinin darvazalarından girib-çıxırdı.
Zavallı balaca Tom cındır paltarda yavaş-yavaş, qorxa-qorxa gözətçilərə yaxınlaşdı. Birdən zərli məhəccərin arasından gördüyü mənzərədən o qədər həyəcanlandı ki, az qaldı çığırsın. Hasarın o tayında ipək və atlaz geyinmiş, bahalı daş-qaş içində parıldayan, gözəl, biçimli bir oğlan durmuşdu. Belindən bəzəkli bir qılınc asılmış, kəmərinə isə xəncər taxılmışdı; ayaqlarında qırmızı dabanlı qəşəng çəkmə, başında lələkli gözəl papağı var idi. Yanında çox dəbdəbəli geyinmiş bir neçə adam durmuşdu, yəqin, bunlar onun xidmətçiləri idi.
Hə, bu, əlbəttə, şahzadənin özü idi, əsl canlı şahzadə idi. Buna heç bir şübhə ola bilməzdi. Nəhayət, dilənçi uşağın arzusu yerinə yetmişdi.
Tomun nəfəsi təngimişdi, heyrətdən gözləri bərəlmişdi. Bu dəqiqə onun qəlbində yalnız bir istək vardı: şahzadəyə yaxınlaşmaq və ona doyunca tamaşa et-mək. Nə etdiyini düşünməyə macal tapmadan darva-zanın məhəccərinə sıxıldı. Lakin gözətçi əsgərlərdən biri onu kənara çəkib elə itələdi ki, uşaq fırfıra kimi fırlanıb yerə yıxıldı.
– Öz yerini bil, avara!
Elə bu zaman kiçik şahzadə darvazaya yaxınlaşdı. Onun gözlərindən qəzəb yağırdı. Şahzadə çığırdı:
– Sən nə cürətlə bu zavallı uşağı incidirsən? Nə cürətlə atamın təbəələri ilə bu cür kobud rəftar edirsən? Darvazanı aç, burax gəlsin!
Sarayın yaxınlığında bu mənzərəni seyr edən avara kənd camaatı sevinclə bir ağızdan qışqırdı: "Yaşasın Uels şahzadəsi!"
Əsgərlər təzim edərək darvazanı açdılar. Cır-cındıra bürünmüş dilənçi onların yanından keçib şahzadəyə yaxınlaşdı. Eduard Tüdor dilənçi Toma dedi:
– Sən ac və yorğun görünürsən. Səni incidiblər. Gəl dalımca.
Beş-altı saray xidmətçisi qabağa yeridi. Görünür, onlar dilənçini kral sarayına buraxmaq istəmirdilər. Lakin şahzadə əlinin şahanə bir hərəkəti ilə onları rədd etdi. Xidmətçilər yerlərində donub-qaldılar.
Eduard Tomu sarayın qəşəng bəzədilmiş bir otağına apardı. Bura onun öz otağı idi. Şahzadənin əmri ilə yemək gətirildi. Bu cür yeməkləri Tom ömründə görməmişdi. O utanmasın deyə şahzadə xidmətçiləri otaqdan çıxartdı və Tomun yanında oturub o yedikcə suallar verməyə başladı.
– Adın nədir, ay oğlan?
– Bəndənizin adı Tom Kentidir.
– Qəribə addır… Harada yaşayırsan?
– Cənabınıza ərz olsun ki, mən Londonda yaşayı-ram. Qarınqulular məhəlləsinin dalında, Tör-töküntülər həyətində.
– Törtöküntülər həyəti! Bu ad da çox qəribədir. Atan-anan varmı?
– Ata-anam var. Bir nənəm də var ki, onu o qədər də sevmirəm. Bu günahdırsa, Allah məni bağışlasın… Bir də Nen və Bet adlı iki əkiz bacım var.


– Yəqin, nənən sənə qarşı o qədər də mehriban deyil, eləmi?
– Əlahəzrətə cürət edib deyirəm ki, mənim nənəm heç kəsi sevmir. Əlindən yaxşılıq gəlməz. Bütün gününü şər işlərlə keçirir.
– Səni incidirmi?
– Yalnız yatanda və sərxoş olanda məni incitmir. Başqa vaxtlarda məni döyür.
Balaca şahzadənin gözləri qəzəblə parladı:
– Necə?! Döyür? – deyə çığırdı.
– Bəli, bəli, cəsarət edib sizə ərz edirəm, əlahəzrət!
– Döyür… Bu cür kiçik və zəif uşağı döyür! Qulaq as! Axşama kimi onun əl-qolunu bağlayıb, Tauerə salarlar…
– Ser, unutmayın ki, mənim nənəm aşağı təbəqədəndir. Tauer isə əsilzadələrin həbsxanasıdır.
– Düzdür, bu mənim ağlıma gəlməmişdi. Lakin ona necə cəza verməyi düşünərəm. Atan necə, mehribandırmı?
– O, nənəmdən də pisdir.
– Deyəsən, bütün atalar eyni cür olur. Mənim atamın da xasiyyəti həlim deyil. Onun əli ağırdır. Ancaq mənə toxunmur. Bəs anan səninlə necə rəftar edir?
– O məni sevir, şahzadəm. Heç vaxt məni incitmir. Bacılarım da mehribandırlar.
– Mənim bacım Yelizaveta və əmim qızı ledi Cen Qrey də xoşsifətdirlər… De görüm bacıların öz xidmətçilərini cəzalandırırlarmı?
– Ser, siz elə zənn edirsiniz ki, onların xidmətçiləri var?
Kiçik şahzadə bir dəqiqə dilənçiyə dalğınlıqla baxdı:
– Lütfən, söylə görüm, onlar xidmətçisiz necə dolanırlar? Gecə paltarlarını soyunmaqda onlara kim kömək edir? Səhər yuxudan qalxanda onları kim geyindirir?
– Heç kəs, ser. Onlar paltarlarını soyunmurlar. Çılpaq yatmayacaqlar ki…
– Çılpaq? Məgər onların cəmi bir dəst paltarı var?
– Ah, hökmdar, artıq paltar nəylərinə lazımdır? Hərəsinin iki bədəni yoxdur ki…
– Nə qəribə, əcaib bir fikir! Mən sənin qəlbinə toxunmaq istəmirdim. Sənin bacılarının kifayət qədər paltarları və xidmətçiləri olacaq, özü də tez bir zamanda. Yox, bunun üçün mənə təşəkkür etmə, bu, boş şeydir. Sən çox yaxşı danışırsan, aydın və gözəl danışırsan. Elm öyrənmisənmi?
– Mərhəmətli keşiş Endrü yaxşılıq edib öz kitablarından mənə dərs vermişdir.
– Latınca bilirsən?
– Çox az, ser.
– Öyrən, əzizim, bunu öyrənmək əvvəlcə adama çətin gəlir… Lakin sən mənə öz Tör-töküntülər həyətindən danış. Orada günün xoşmu keçir?
– Doğrusu, qarnım tox olanda kefim kök olur. Bizə bəzən teatr tamaşası da göstərirlər, cəmi bir fartinqə. Ancaq cənablarınıza ərz olsun ki, bu fartinqi qazanmaq çox çətin olur. Biz uşaqlarla arabir əlimizə ağac alıb vuruşuruq…
Şahzadənin gözləri parladı:
– Bax buna varam! Yenə danış.
– Biz keçdi-keçdi oynayırıq, ser. Bir-birimizi ötüb-keçirik.
– Bu da mənim ürəyimdəndir. Sonra?
– Biz yayda suyun içində ayaqyalın gəzirik. Arxlarda və çaylarda çimirik, bir-birimizin üstünə su sıçradırıq, bir-birimizin yaxasından yapışıb suya batırırıq…
– Mən bircə dəfə belə əylənməyə atamın bütün səltənətini verərdim. Sən Allah, yenə danış.
– Biz palçıqda oynayırıq. Dünyada bizə palçıqdan çox ləzzət verən şey yoxdur. Bağışlayın, ser, biz hər gün palçığın içində eşələnirik.
– Bəsdir, daha danışma! Bu lap qiyamətdir. Mən sənin paltarın kimi bir paltar geyə bilsəydim, ayaqqabılarımı çıxarıb, heç olmasa, bircə dəfə palçıqda oynaya bilsəydim… Bunun üçün bütün taxt-tacımdan əl çəkməyə hazıram.
– Mən isə… ser, heç olmasa, ömrümdə bir dəfə, ancaq bircə dəfə sizin kimi geyinə bilsəydim…
– Aha, arzun budurmu? Qoy sən deyən olsun. Əynindəki cır-cındırı çıxart və mənim bəzəkli paltarımı geyin. Mən də səninkini geyinim. Bizim xoşbəxtliyimiz çox çəkməz, lakin ömrü az da olsa, bizi sevindirər. Sonra yenə paltarımızı dəyişərik.
Uels şahzadəsi Tomun cır-cındırına büründü. Tom isə dəbdəbəli şahanə paltar geyindi. İkisi də böyük güzgüyə yanaşdı və nə görsələr yaxşıdır?! Elə bil heç paltarlarını dəyişməmişdilər. Gözlərini bir-birinə dikdilər, sonra dönüb güzgüyə baxdılar. Nəhayət, heyrətə gəlmiş şahzadə dedi:
– Sən bu barədə nə düşünürsən?
– Ah, ser, bu suala məndən cavab istəməyin. Mənim kimi miskin bir adama o cür sözlər danışmaq yaramaz.
– Onda qoy mən deyim. Sənin saçların, gözlərin, səsin, yerişin, boyun, duruşun, sifətin lap mənimki kimidir. Əgər biz soyunub bayıra çıxsaq, heç kim bizi bir-birimizdən ayıra bilməz. İndi sənin paltarında o kobud əsgərin rəftarını daha yaxşı hiss edirəm. O səninlə çox həyasızcasına rəftar etdi. Bir dəqiqə dayan… Mən qayıtmayınca yerindən tərpənməyəsən. Bu mənim əmrimdir!
Şahzadə masanın üstündən bir şey götürüb gizlətdi və qapıdan bayıra sıçrayaraq əynində cır-cındır sarayın içində yüyürməyə başladı. Böyük darvazaya çatdıqda dəmir barmaqlıqdan yapışıb çığırdı:
– Aç! Darvazanı aç!
Tomu vuran əsgər cəld darvazanı açdı. Şahzadə darvazadan çıxan kimi əsgər ona elə şapalaq vurdu ki, şahzadə hərlənib yerə yıxıldı.
– Al payını, dilənçi nacins, sənin üstündə əlahəzrətin mənə acığı tutdu.
Şahzadə palçığa batmışdı. O ayağa qalxdı, hirslə gözətçinin üstünə cumdu və:
– Mən Uels şahzadəsiyəm, – deyə bağırdı. – Mənim şəxsiyyətim müqəddəsdir, mənə toxunmağa cürət etdiyin üçün səni asarlar.
Əsgər ona təzim edib gülə-gülə dedi:
– Əlahəzrət şahzadə sağ olsun!
Sonra qəzəblə:
– Rədd ol buradan, axmağın biri axmaq, – deyə çığırdı.
Mənzərəni seyr edən kənd avaraları bədbəxt balaca şahzadənin başına yığışdı. Onu hoydu-hoyduya qoyub yolla qovmağa başladılar:
– Əlahəzrət şahzadəyə yol verin! Uels şahzadəsinə yol verin!

Şahzadənin uğursuzluğu başlanır
Camaat şahzadəni bir az qovduqdan sonra geri dönüb onu tək buraxdı.
Tək qalmış şahzadə ətrafı nəzərdən keçirib bu yerləri tanımadı. Bir qədər getdikdən sonra böyük bir açıqlığa çatdı. Burada bir neçə ev və böyük bir kilsədən savayı heç nə yox idi. Şahzadə Eduard bu kilsəni tanıdı. Atası vaxtilə onu qara rahiblərin əlindən alaraq kimsəsiz, yoxsul uşaqların sığınacağına çevirmişdi. Şahzadə o saat ürəkləndi. Öz-özünə düşündü ki, buranın indiki sahibləri kralın oğluna hörmətlə yanaşarlar.
Bir azdan sonra o, bir dəstə uşağın içinə düşdü. Onlar qaçır, tullanır, top-top oynayır, səs-küy salırdılar. Şahzadəni görən kimi uşaqlar oyunlarını buraxıb onun başına yığışdılar. Şahzadə özünəməxsus ləyaqət hissi ilə dedi:
– Mərhəmətli uşaqlar, öz böyüyünüzə deyin ki, Uels şahzadəsi Eduard onu görmək istəyir.
Bu sözlər səs-küylə qarşılandı. Acıdil bir oğlan ona dedi:
– Ay cındırpaltar, olmaya sən əlahəzrətin elçisisən?
Şahzadənin üzündə qəzəb parladı, qılıncını siyirmək üçün əlini yanına atdı, lakin heç bir şey tapmadı. Hamı qəhqəhə çəkib güldü. Eduard dedi:
– Mən şahzadəyəm. Siz mənim atamın sədəqəsi ilə dolanırsınız. Mənimlə belə rəftar etmək sizə yaraşmaz.
Bu sözlər uşaqlara çox məzəli gəldi, onlar gülüşdülər. Acıdil oğlan yoldaşlarına çığırdı:
– Ey əlahəzrətin kral atasının çörəyi ilə dolanan donuzlar, qullar! Tez olun, diz çökün, onun şahanə cır-cındırı qarşısında təzim edin.
Hamı qəhqəhələr içində boğularaq diz çökdü və şahzadənin qarşısında baş əyərək onu ələ salmağa başladı.
Eduard yaxında duran uşağa bir təpik vurdu və hirsindən çığırdı:
– Al payını! Sabah səni dar ağacından asdıracağam.
Daha bu zarafat deyildi. Belə zarafat olmazdı. Gülüş bir anda qəzəblə əvəz olundu. Uşaqlar ağız-ağıza verib çığırışdılar:
– Yapışın yaxasından! Sürüyün onu gölməçəyə! İtlər hanı? İtidiş, bura gəl, tut onu!
İngiltərənin tarixində görünməmiş bir mənzərə idi: rəiyyət itləri vəliəhdin üstünə qısqırdırdı. İtlər az qala onu parçalayacaqdı. Şahzadə güclə canını qurtardı.
Axşamçağı şahzadə gəlib şəhərin ən gur yerinə çatdı. Bədəni gömgöy, əlləri qan içində idi. Daha heç kimlə söhbətə qoşulmurdu, yoldan ötənlər onu söyürdü.
Birdən yekəpər bir sərxoş kobudcasına onun yaxasından yapışdı:
– Gecənin bu vaxtında yenə veyillənirsən, evə isə bir dənə də fartinq gətirməmisən. Pulsuz olsan, vay halına! Əgər sənin sür-sümüyünü sındırmasam, mən Con Kenti deyiləm.
Şahzadə sərxoşun əlindən çıxdı və hirslə dedi:
– Aha, sən onun atasısan? Şükür sənə, İlahi. Məni öz atamın evinə apar, onu isə oradan çıxart!
– Mən bilmirəm sən nə danışırsan. Ancaq onu bilirəm ki, mən sənin atanam. Sən tezliklə buna əmin olarsan.
– Qulaq as. Mən Uels şahzadəsiyəm. Məni atam kralın yanına apar. O sənə yuxuda da görmədiyin xəzinə bağışlayar. Məni bu bəladan qurtar.
Con Kenti gözlərini təəccüblə uşağa zillədi və başını tərpədərək dodaqaltı mırıldandı:
– Ağlını itirib, dəli olub.
Sonra yenə uşağın yaxasından yapışıb xırıltılı səslə söydü:
– Ağlını itirdin, itirmədin, təfavütü yoxdur. Sənin qabırğalarını qırmasam, adımı Con Kenti qoymaram.
O, şahzadəni güclə sürüyərək dallarınca düşən küçə avaralarının şən çığırtıları altında yaxın həyətlərin birində gözdən itdi.

Tom şahzadə rolunda
Şahzadənin otağında tək qalmış Tom Kenti bir xeyli əynindəki dəbdəbəli paltardan həzz alaraq güzgünün qabağında əzilib-büzüldü. Sonra şahzadənin yerişini təqlid etdi, qılıncı siyirdi və onun dəstəsindən öpərək döşünə sıxdı…
Beləcə, yarım saat keçdi. Tom birdən şahzadənin nədənsə gecikdiyini düşündü və özünü yalqız hiss etdi. Onun nigarançılığı get-gedə artırdı. Birdən bir adam içəri girər və onu şahzadənin paltarında görər. Allah eləməmiş, onu yerindəcə asarlar. Yox, o, tez şahzadəni axtarıb tapmalıdır.
Birdən qapı taybatay açıldı və ipək paltarlı bir paj içəri daxil olub dedi:
– Ledi Cen Qrey.
Bunun arxasınca çox qəşəng və bahalı paltarda bir qız içəri daxil oldu və Tomu görcək dedi:
– Niyə belə qəmginsən, mənim şahzadəm?
Tom donub-qaldı. Sonra var qüvvəsini toplayıb dili dolaşa-dolaşa dedi:
– Ah, mənə yazığınız gəlsin! Mən şahzadə deyiləm, mən zavallı Tom Kentiyəm. Xahiş edirəm, şahzadəni çağırın. Qoy o, mərhəmət edib cır-cındırımı özümə qaytarsın və buradan sağ-salamat getməyə mənə icazə versin. Mənə rəhmin gəlsin, məni xilas et.
Tom bu sözləri deyib qızın qarşısında diz çökdü. Qız bundan dəhşətə gəlib heyrətlə:
– Ah, milord, sən mənim qarşımda diz çökürsən, – deyə qışqırdı və otaqdan qaçdı.
Bir anda saraya dəhşətli xəbər yayıldı: "Şahzadə dəli olub!" Ancaq bu barədə heç kəs bərkdən danışmağa cürət etmirdi. Hamının üzündə kədər vardı. Birdən adamların arasında çox dəbdəbəli geyinmiş saray ağası göründü və təntənə ilə elan etdi:
– Kralın adından əmr olunur!
Bu yalan və mənasız xəbəri dinləmək, təhlil etmək və saraydan kənara yaymaq ölüm qorxusu altında qadağan edilir!
Bir azdan sonra Tomu çox zəngin döşənmiş bir otağa gətirib qapını bağladılar. Tomla gələnlər onu dövrəyə aldılar. Qarşıda, otağın o başında taxtın üstündə kök, enlisifət, sərt baxışlı bir kişi uzanmışdı. Onun saçı-saqqalı tamam ağ idi. Bir ayağı cuna ilə sarınmış və balış üstünə qoyulmuşdu. Bu zəhmli kişi kral VIII Henri idi.
O danışmağa başladı və üzündə birdən-birə mehribanlıq ifadəsi göründü.
– Hə, necəsən, milord Eduard? Sənə nə olub, mənim şahzadəm? Kral atanı bu cür şit zarafatla ələ salmaq haradan ağlına gəlib?
Tom "kral atanı" sözlərini eşitcək dizi üstə yıxıldı. Əllərini yuxarı qaldırıb dedi:
– Sən kralsanmış! Mən məhv oldum!
Kralı elə bil ildırım vurdu. Dərin bir ümidsizliklə dilləndi:
– Heyhat, mən düşünürdüm ki, danışılan sözlər həqiqət deyil, qorxuram ki, yanılmış olam.
O, dərindən ah çəkdi və həlim bir səslə dedi:
– Atana yaxın gəl, bala, sən xəstəsən?
Tom ayağa qalxıb titrəyə-titrəyə İngiltərə kralına yaxınlaşdı. Kral onun başını köksünə sıxdı və incə-incə sığalladı.
– Məgər sən öz qoca atanı tanımırsan, mənim balam? – dedi. – Mənim bu qoca qəlbimi parçalama, söylə ki, məni tanıyırsan.
– Bəli, sən mənim böyük hökmdarım kralsan.
– Doğrudur, doğrudur… Sakit ol, əsmə, burada heç kəs səni incitməz.
– Səndən xahiş edirəm, mənə inan, mənim böyük hökmdarım. Doğru deyirəm: mən anadan dilənçi doğulmuşam. Məni buraya bir təsadüf gətirib. Mənim ölməli vaxtım deyil…
– Ölməkmi? Bu barədə danışma, əziz şahzadəm, sakit ol! Sən ölməyəcəksən.
Tom ayağa qalxdı, onu müşayiət edənlərə üzünü tutub dedi:
– Eşitdinizmi? Mən ölməyəcəyəm, bunu kral özü dedi.
Hamı qüssə ilə başını aşağı saldı. Tom krala tərəf dönərək qorxa-qorxa soruşdu:
– İndi gedə bilərəmmi?
– Əlbəttə, istəsən, gedə bilərsən. Ancaq niyə tələsirsən? Hara getmək istəyirsən?
Tom gözlərini aşağı dikib mülayim səslə dedi:


– Öz yoxsul daxmamıza, anamın, bacılarımın yanına getmək istəyirəm. Mərhəmətli hökmdar, icazə ver, gedim.
Kralın siması get-gedə artan mənəvi iztirab və həyəcan ifadə edirdi. O, Toma latınca sual verdi. Tom ölüm-zülüm latın cümləsi ilə ona cavab verdi. Kral sevinib yanındakılara dedi:
– Təhsilinə görə daha yaxşı cavab verə bilərdi, ancaq bu cavab göstərir ki, onun şüuru yalnız zədələnmiş, tamamilə xarab olmamışdır. Hamınız diqqət edin. Onu yenə imtahan edək.
Kral bu dəfə fransızca sual verdi. Tom bir qədər susdu, sonra utana-utana dedi:
– İcazənizlə ərz edim ki, ser, mən bu dillə tanış deyiləm.
Məyus olmuş kral otaqdakı adamlara nəzər saldı. Mehriban üzü bir an içində dəhşətli ifadə aldı.
– Hamınız qulaq asın! Mənim oğlum dəli olmuşdur, ancaq bu sərsəmlik müvəqqətidir. Bu dəlilik qapalı həyatın nəticəsidir. Rədd olsun kitablar, rədd olsun müəllimlər. Onu açıq havada oyunlarla əyləndirin. Bu onu sağaldar. Dəli olsa da, o mənim oğlumdur, İngiltərə taxt-tacının vəliəhdidir. Hər kəs onun xəstəliyi haqqında danışsa, dar ağacından asılacaq. Bu gün o, kral rütbəsində təsdiq edilməlidir. Milord Hertford, əmr edirəm, tezliklə işə başlayasınız.
Sonra üzünü Toma çevirdi, üzündəki qəzəb ifadəsi yavaş-yavaş yumşaldı.
– Öp məni, şahzadəm! – dedi. – Bax belə! Nədən qorxursan? Mən ki sənin atanam. Səni sevirəm.
Tom qəmgin halda kralın yataq otağından çıxdı. Dəhlizdə pıçıltı səsləri eşidilirdi: "Şahzadə, şahzadə gəlir!"

Tom təlimat alır
Tomu qəbul salonuna gətirdilər. Bir azdan lord Sent-Con gəldi. Otaqda Tomdan başqa yalnız qraf Hertford və Sent-Con qaldılar. Lord Sent-Con kralın əmrini Toma çatdırdı:
– Əlahəzrət kral əmr edir ki, dövlət maraqlarını nəzərə alaraq cənab şahzadə mümkün qədər xəstəliyini gizlətsin. Siz şahzadə olduğunuzu heç kimin qarşısında danmamalısınız. Şahzadə özünün aşağı təbəqədən olduğu barədə heç kimə bir söz deməməlidir. Tanış adamlarla görüşəndə onların simasını yada salmağa çalışmalıdır, bu, mümkün olmadıqda yaddaşsızlıq əlaməti göstərmədən sakit dayanmalıdır. Rəsmi qəbul zamanı çətinliyə düşərkən lord Hertfordla, ya da şahzadənin sadiq nökəri olan mənimlə məsləhətləşməlidir. Allah özü mərhəmət edib sizə şəfa versin və ömrünüzü uzun etsin.
Lord Sent-Con baş əyib kənara çəkildi. Tom itaətlə cavab verdi:
– Kralın arzusu yerinə yetiriləcəkdir.
Bu zaman ledi Yelizaveta ilə ledi Cen Qreyin gəldi-yini xəbər verdilər. Lord Hertford cəld qapıya tərəf getdi. Qızlar onun yanından keçəndə lord yavaşca dedi:
– Ledilər, sizdən xahiş edirəm, özünüzü elə göstərin ki, guya onun qəribəliyini hiss etmirsiniz. Yaddaşının pozulduğuna təəccüb etməyin.
Lakin bütün xəbərdarlıqlara baxmayaraq, qızlarla Tom arasındakı söhbət bəzən çətinliyə düşürdü. Tomun müvəqqəti olaraq dərsi atacağını bildikdə Cen Qrey dedi:
– Ah, heyif. Ancaq eybi yoxdur, sən hələ çoxlu kitab oxuyub alim olacaqsan, atan qədər əcnəbi dillər öyrənəcəksən.
Bu yerdə Tom özünü unudub dedi:
– Mənim atammı? O öz ana dilində pis danışır, o ki ola əcnəbi dillər…
Tom birdən sözünü kəsib başını qaldırdı və lord Sent-Conun nəzərlərinə rast gəldi. Rəngi qızardı, yavaşcadan dedi:
– Xəstəliyim yenə mənə əziyyət verir. Mən əlahəzrətin şəninə toxunacaq sözlər demək istəmirdim.
Şahzadə Yelizaveta:
– Biz bunu bilirik, – deyərək "qardaşının" əllərini ovucları arasına aldı: – Qəm yemə! Günah səndə deyil, sənin xəstəliyindədir.
– Sən təsəlli verməyi bacarırsan, əziz ledi, – deyə Tom etiraf etdi, – ona görə də mən sənə təşəkkür edirəm.
Bir azdan qızlar getməyə hazırlaşdılar. Aranı sükut bürüdü. Hamı sanki bir şey gözləyirmiş kimi susurdu. Tom bu sükutun səbəbini anlamırdı. O, lord Hertforda baxdı. Lord ona nə isə işarə etdi, lakin Tom bu işarəni də başa düşmədi. Yenə də ledi Yelizaveta öz fərasəti ilə onu çətinlikdən çıxartdı:
– Mənim həşəmətli qardaşım, bizim getməyimizə icazə verirsinizmi?


Tom cavab verdi:
– Sözün düzü, miledi, siz məndən arzu etdiyiniz hər şeyi istəyə bilərsiniz. İsbati-vücudunuzun bəxş etdiyi ziya və sevincdən özümü məhrum etməkdənsə, sizin hər bir başqa xahişinizi imkan daxilində kəmaliməmnuniyyətlə yerinə yetirərdim. Bununla belə, yolunuza çiçək səpilsin, göz üstə gəldiniz. Allah amanında olasınız!
Tom ürəyində gülüb öz-özünə dedi: "Kitablardakı bu qəribə və təmtəraqlı ibarələri öyrənməyim əbəs deyilmiş".
Qızlar getdikdən sonra Tom dincəlmək istədi. Lord Hertford zəngi çalan kimi xidmətçilər hazır oldular. Onlar Tomu yataq otağına ötürdülər.

Tomun ilk kral naharı
Gündüz saat birə yaxın Toma nahar paltarı geyindirdilər. Yaxalıqdan coraba kimi əynində nə vardısa hamısını dəyişdirdilər və zəngin döşənmiş geniş bir salona gətirdilər. Süfrədəki qab-qaşıq xalis qızıldan idi və üzərində çəkilmiş naxışlar onları daha da qiymətli edirdi, çünki bu, Benvenuto Çellininin[2 - Benvenuto Çellini (1500-1571) – məşhur italyan heykəltəraşı və nəqqaşı] əl işi idi.
Toma xidmət edən bütün qulluqçulara xəbərdarlıq edilmişdi, tapşırılmışdı ki, şahzadənin qəribə hərəkətlərinə təəccüb etməsinlər.
Tezliklə Tomun bu "qəribə" hərəkətləri tamamilə aşkar oldu. O, yeməyi əli ilə götürüb yeyirdi, yaxasına salınmış zərif və gözəl dəsmala maraqla baxırdı. Nəhayət, dözməyib dedi:
– Xahiş edirəm, bu dəsmalı götürün, yoxsa bilməyib ona ləkə salaram.
Onun bu hərəkətlərinə heç kəs gülmürdü. Hamının şahzadəyə yazığı gəlirdi. Onlar sevimli şahzadələrinin bu cür ağır xəstəliyə tutulduğuna acıyırdılar.
Tom turpa və kahıya maraqla baxırdı. Sonra soruşdu ki, bunlar nədir, yemək olarmı? O, çərəzi yeyib qurtardıqdan sonra ciblərini qozla doldurdu. Heç kəs təəccübünü bildirmədi, hamı özünü görməzliyə vurdu. Tom özü isə nalayiq iş gördüyünü hiss edib utandı, başa düşdü ki, kral oğluna yaraşmayan ədəbsiz hərəkət edib. Bu zaman onun burnu qaşındı. Bu hal xeyli davam etdi və burnu getdikcə daha çox gicişməyə başladı. Belə hallarda əsl şahzadənin nə etdiyini bilməyən Tom gözü yaşlı yalvarıcı nəzərlərlə ətrafdakılara baxdı və əzablı səslə dedi:
– Milordlar, üzr istəyirəm, mənim burnum yaman qaşınır. Belə hallarda hansı qaydaya riayət olunur? Xahiş edirəm, tez cavab verin, daha dözə bilmirəm.
Hamının üzü kədərli və qayğılı idi, hamı utana-utana bir-birinə baxırdı. Nəhayət, heç bir cavab almayan Tom burnunu öz əli ilə qaşıdı və ətrafdakıları bu gərginlikdən xilas etdi.
Nahardan sonra Tomu onun xahişi ilə Uels şahzadəsinin otağına apardılar və öz ixtiyarına buraxdılar.
Tom otağın divarından asılmış zirehli paltarlara, qolçaqlara, lələkli dəbilqələrə maraqla baxdı. Geyinə bildiyi şeyləri əyninə taxdı. Sonra geyimləri yerinə asıb cibindən qozları çıxartdı və sındırıb ləzzətlə yeməyə başladı. Qozları yeyib qurtardıqdan sonra kiçik kitab şkafına yaxınlaşdı. Buradakı kitabların zərli sərlövhələrini oxudu. Bu kitablardan biri İngiltərə sarayında ədəb qaydaları haqqında idi. Bu, qiymətli bir tapıntı idi. Tom bəzəkli divanın üstündə oturdu, ona oxumaq öyrətmiş keşiş Endrünü hörmətlə xatırlayaraq kitabdakı qaydaları öyrənməyə başladı.

Şahzadənin başına gələn macəralar
Con Kenti şahzadəni zorla Tör-töküntülər həyətinə sürüyürdü. Şahzadə çırpınıb xilas olmağa çalışırdı. Bu zaman kütlənin içindən bir nəfər ona kömək etmək istədi. Con Kenti təbiətin ona verdiyi azacıq səbri də itirərək əlindəki dəyənəyi şahzadəyə qolayladı. Uşağı müdafiə etmək istəyən adam dəyənəyi tutmaq istədikdə zərbə qoluna dəydi.
Con Kenti qışqırdı:
– Sən nə üçün özünü ortaya soxursan? Al, bu da sənin payın.
Şahzadəni müdafiə edənin başına dəyən ağır dəyənək zərbəsi onu sarsıtdı, zarıltı ilə camaatın ayaqları altında yerə sərildi. Bir dəqiqə keçməmiş ətrafdakı adamlar dağılışdı.
Con Kenti balaca şahzadəni sürüyə-sürüyə daxmasına gətirdi. Şahzadə otağın zəif işığında burada yaşayanları güclə ayırd edirdi. Divarın dibində, küncdə üz-gözü çirkli iki qız və ortayaşlı bir qadın oturmuşdu. O biri küncdən beli bükülmüş, ağsaçlı bir qarı qəzəblə ayağa qalxıb şahzadəyə tərəf gəldi. Con Kenti ona müraciətlə dedi:
– Sən kənara dur, mane olma! Qəribə bir işə düşmüşük. İndi doyunca əylənəcəksən. Ancaq hələ işə qarışma, sonra istədiyin qədər onu döyə bilərsən. Balaca, bir bura gəl. O dediyin sözləri yadından çıxarmamısan? Bir də de görüm, adın nədir, sən kimsən.
Qəzəbdən yanaqları qızarmış gənc şahzadə nəzərini Cona zillədi və dedi:
– Sən nə qaba adamsan? Sən mənə əmr edə bilməzsən. Dediklərimi bir daha təkrar edirəm: mən Uels şahzadəsi Eduardam.
Qoca qarı bu cavaba mat qaldı, elə bil ayaqları yerə yapışdı. Onun rəhmsiz oğlu isə qəhqəhə ilə gülməyə başladı. Tom Kentinin anası və bacıları şahzadəyə yaxınlaşıb kədərlə səsləndilər:
– Ah, yazıq Tom! Yazıq uşaq!
Ana şahzadənin qarşısında diz çöküb əlini onun çiyninə qoydu və göz yaşı tökə-tökə dedi:
– Mənim yazıq balam! Sənin axmaq kitabların elədiyini elədi: ağlını başından çıxartdı. Nə üçün sən onlara bu qədər uydun? Sən mənim ana ürəyimi parçaladın.
Şahzadə qadının üzünə baxdı və nəvazişlə dedi:
– Mərhəmətli qadın, sənin oğlun sağ-salamatdır və ağlını itirməmişdir. Sakit ol! Məni indi onun olduğu yerə, saraya apar, mənim atam kral onu həmin saat sənə qaytarar.
– Kral? Sənin atan? Ah, mənim balam! Amandır, bu sözləri bir də demə, yoxsa səni ölümə məhkum edərlər. Yaddaşın azmışdır, onu həqiqi yoluna sal. Bir mənə bax! Səni doğan və sevən anan mən deyiləmmi?
Şahzadə başını bualadı:
– Allah özü şahiddir ki, səni kədərləndirmək mənə ağır gəlir. Doğrusu, mən sənin üzünü heç vaxt görməmişdim.
Qadın yenə yerə oturub ürəkyandırıcı hıçqırıqlarla ağlamağa başladı. Qızlar qorxa-qorxa qardaşlarını müdafiə etmək istədilər:
– Ata, qoy gedib yatsın. Yatıb dincəlsə, ağlı başına gələr. Sabah evə əliboş qayıtmaz.
Bu sözlər Con Kentini ayıltdı. O, üzünü şahzadəyə tutub dedi:
– Sabah evin sahibinə iki pens kirayə pulu verməliyik. Yoxsa bizi bayıra atarlar. Bu gün yığdığın pulları çıxart görək.
Şahzadə dedi:
– Məni təhqir etmə! Sənə bir daha deyirəm, mən kral oğluyam.
Şiddətli bir zərbə səsi eşidildi. Con Kentinin ağır əli qolaylanıb şahzadənin çiyninə dəydi. Tomun anası şahzadəni bağrına basaraq onu yağan təpik və yumruq zərbələrindən qorumaq üçün özünü qabağa verdi. Qorxmuş qızlar küncə qısıldılar. Bu yerdə qarı da oğlunun köməyinə gəldi. Şahzadə çırpınaraq Tomun anasına dedi:
– Sən məndən ötrü nə üçün əziyyət çəkəsən? Qoy bu donuzlar acıqlarını tək məndən çıxsınlar.
"Donuzlar" bu sözü eşitcək elə qızdılar ki, şahzadənin üstünə düşüb onu amansızcasına kötəklədilər. Qızları və ananı da ona yazığı gəldiyi üçün döydülər.
Kenti əmr etdi:
– Hə, indi hamınız gedib yata bilərsiniz! Bu komediya məni lap yordu.
İşığı söndürüb yataqlarına uzandılar.
Tom Kentinin anasını fikir götürmüşdü, yata bilmirdi. İncə ana duyğusu ona deyirdi ki, bu uşaq onun deyil, yaddır. Nəhayət, qadın uşağı sınaqdan keçirmək istədi. Ancaq necə? Ananın yadına düşdü ki, Tom Kenti balaca ikən gözü qabağında barıt partlamışdı, ondan sonra qəfil bir şeylə rastlaşanda əli ilə gözünü tutardı. Gözünü başqaları kimi ovcunun içi ilə deyil, əlinin dalı ilə tutardı. Yatdığı vaxt onu diksindirsən, o mütləq bu qəribə hərəkəti edəcək.
Qadın şamın şöləsini əli ilə tutdu və yavaşca yatan uşağa yanaşıb ehtiyatla onun üstünə əyildi, şamı lap onun gözləri qabağına tutdu və əlini işıqdan çəkdi. Sonra onun qulağının dibində barmağı ilə döşəməni taqqıldatdı. Yatmış uşaq gözlərini geniş açdı, təəccüblü nəzərlərlə ətrafına göz gəzdirdi, ancaq heç bir qəribə hərəkət göstərmədi.
Yazıq qadın heyrət və kədərdən az qala huşunu itirəcəkdi. "Yox, ola bilməz, əlləri ki dəli deyil. Onlar adət etdiyi vərdişdən əl çəkə bilməz".
Qadın bu qəmli fikirlərdə ikən birdən qapı bərkdən döyüldü. Con Kenti xorultusunu kəsib qışqırdı:
– Kimdir? Nə lazımdır?
Kim isə cavab verdi:
– Dəyənəklə vurub yıxdığın adamın kim olduğunu bilirsən?
– Bilmirəm, heç bilmək də istəmirəm.
– Bir azdan sonra başqa hava çalarsan. Canını qurtarmaq istəyirsənsə, qaç. O adam can verir. O bizim keşiş Endrüdür.
Con Kenti yerindən sıçrayıb ailəsini oyatdı və xırıltılı səslə dedi:
– Cəld qalxın, buradan qaçın. Qalsanız, məhv olacaqsınız.
Beş dəqiqə keçməmiş Kentinin bütün ailəsi canını qurtarmaq üçün küçə ilə qaçırdı. Con Kenti şahzadənin əlindən tutub qaranlıq döngələrlə aparırdı. O, ailəsinə tapşırdı:


– Bir-birimizi itirsək, qoy hər kəs London kör-püsünə tərəf getsin, körpünün qurtaracağındakı dükanın yanında görüşərik.
Bu vaxt Kentinin ailəsi gözlənilmədən qaranlıqdan işıqlı bir yerə çıxdı və çayın sahilinə yığışmış camaatın içərisinə düşdü. Adamlar oxuyur, oynayır, çalıb-çağırırdılar. Temza çayı boyu tonqallar yanırdı. Burada o və onun ailəsi qaynaşan adamlar içərisində itib-batdı və bir-birindən ayrıldılar.
Con Kenti şahzadənin əlindən bərk-bərk yapışmışdı. O, camaatın içərisinə soxulmaq istəyəndə bir qayıqçıya bərk toxundu. Qayıqçı yekə əli ilə Conun çiynindən yapışdı:
– Dostum, hara belə tələsirsən? Camaat bayram etdiyi vaxtda sənin qanın niyə qaradır?
Kenti onun sözünü kəsərək kobudcasına dedi:
– Başqasının işinə qarışma, yol ver, keçim.
– Yox, qardaşım, iş ki belə oldu, Uels şahzadəsinin sağlığına içməyincə səni buraxmayacağam, – deyə qayıqçı qətiyyətlə onun yolunu kəsdi.
– Onda bir piyalə ver gəlsin, tez ol, tez ol.
Bu arada başqa əyyaşlar da onlara yaxınlaşdılar. Bir böyük piyalə gətirdilər. Con Kenti bir əli ilə piyalənin qulpundan yapışdı, o biri əli ilə isə qədim adətə görə qapağı götürməli idi. Beləliklə, bir saniyəliyə şahzadənin əlini buraxmalı oldu. O da yubanmadan onu dövrəyə alan adamların ayaqları altına soxuldu və qaçdı. Bir dəqiqədən sonra onu bu izdihamın içində tapmaq okeana atılmış pulu tapmaq qədər çətin idi.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289676) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Fartinq- az dəyərli mis pul vahidi

2
Benvenuto Çellini (1500-1571) – məşhur italyan heykəltəraşı və nəqqaşı
Şahzadə və dilənçi Марк Твен
Şahzadə və dilənçi

Марк Твен

Тип: электронная книга

Жанр: Литература 19 века

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Şahzadə və dilənçi, электронная книга автора Марк Твен на азербайджанском языке, в жанре литература 19 века

  • Добавить отзыв