Qaraçı köçünün sirri

Qaraçı köçünün sirri
Enid Blayton
Möhtəşəm beşlik
“Möhtəşəm beşlik” seriyasına daxil olan bu kitabda dörd uşaq və onların sevimli köpəyi qaraçı düşərgəsinin izinə düşürlər. Nəticədə təhlükəli hadisələr bir-birini əvəzləməyə başlayır.

Enid Blayton
Qaraçı köçünün sirri

Tövlədə
– Düz bir həftədir ki, burdayıq! Bikarçılıqdan lap ürəyim partlayır, – Corc əmisi qızı Ennə şikayətlənməyə başladı.
Əslində, bu qızın adı Corc yox, Corcina idi, lakin onu həmin adla çağıranda cavab vermirdi. Çünki qız olmaqdan xoşu gəlmirdi, özünü oğlan uşağı kimi aparırdı.
– Darıxırsan? – Enn təəccüblə dilləndi. – Əcəb işdir, heç at çapanda belə demirdin! Boynuna al, at minmədiyimiz vaxtlarda tövlədə çənə vurmaq da ürəyincə idi.
– Sənə deyirəm ki, bura çox darıxdırıcı yerdir! Nə hiss etdiyimi məndən yaxşı biləcəksən? O zəhləm getmiş Henrietta da bir tərəfdən! De görüm, axı o bizim nəyimizə lazımdır, hə?
– Henrini deyirsən?! – Enn güldü. – Əslində, siz onunla bir-birinizə çox bənzəyirsiniz. O da eynilə sənin kimi oğlan olmaq istəyir.
Qızlar ot tayasının üstündə oturmuşdular. Onlar əllərindəki buterbrodu yeyə-yeyə söhbət edirdilər. Ətrafdakı çəmənlikdə isə atlar otlayırdı. Yan tərəfdə yöndəmsiz bir tikili gözə dəyirdi. Giriş qapısının üstündəki iri lövhədə «Kapitan Consonun atçılıq məktəbi» sözləri yazılmışdı.
Corcla Enn bura bir həftə əvvəl gəlmişdilər. Ennin qardaşları Culianla Dik isə məktəb yoldaşları ilə birlikdə boyskautlar[1 - Boyskaut – hərbi qaydalara əsaslanan yeniyetmə təşkilatının üzvü] düşərgəsində dincəlirdilər.
Atçılıq məktəbinə gəlmək Enninin fikri idi. Çünki onun atlardan çox xoşu gəlirdi. Corc bu fikri çox bəyənmiş, dərhal ona qoşulmuşdu, lakin oğlanların düşərgədə olduqlarını öyrəndikdə mısmırığını sallamışdı. Dedik axı, o özünü oğlan kimi aparmağı xoşlayırdı, bu səbəbdən də oğlanlarla yoldaşlıq etməkdən xoşu gəlirdi. Oğlanlar isə düşərgəyə gediblər! İşə bir bax!
Əslində, Corc özü də məmnuniyyətlə onlara qoşulardı, ancaq həmin düşərgə yalnız oğlanlar üçün idi, qızları ora buraxmırdılar.
– Qulaq as, boyskautların düşərgəsinə gedə bilmədiyin üçün özündən çıxmağa dəyməz, – Enn əmisi qızına dedi. – Oğlanlar bəzən qızlardan uzaqda vaxt keçirmək istəyirlər. Bir özün fikirləş, həmişə qızların yanında ola bilməzlər axı!
– Niyə? – Corc qəzəblə dilləndi. – Diklə Culianın elədiyi hər şeyi mən də bacarıram. Ağaclara, qayalara dırmanıram, özü də hara kimi desən! Üstəlik, velosipedi əla sürürəm, üzməyi isə onlardan yaxşı bilirəm!
– Henri də belə deyir, – Enn bic-bic gülümsədi. – Odur ha, görürsən, yenə atın belindədir! Əlləri də cibində. Özü də elə fit çalır, deyərsən, əsl mehtərdir[2 - Mehtər – ata qulluq edən, atabaxan]!
Corc bu sözləri eşidib üz-gözünü turşutdu. Enn bu qızların arasında bir-birini gördükləri dəqiqədən yaranan soyuqluğun səbəbini heç cür başa düşə bilmirdi. Halbuki ikisi də xasiyyətcə bir-birinə çox bənzəyirdi. İkisi də adını dəyişib oğlan adına oxşatmışdı. Corcinaya Corc deməsən, qətiyyən hay verməzdi, Henrietta da ona ancaq Henri deyəndə cavab verirdi. Qızlar eyni yaşda idilər. İkisinin də saçı oğlan sayağı vurulmuşdu. Bundan başqa, Henrietta yaxşı at çapırdı, yarışlarda çoxlu mükafat qazanmışdı. Bu isə Corcu daha da qəzəbləndirirdi, çünki indiyə kimi heç bir qız onu belə məsələlərdə qabaqlamamışdı.
Enn ürəyində onların ikisinə də gülürdü. Xüsusən də qızlar acıqla bir-birini oğlan adı ilə deyil, «Henrietta» və «Corcina» deyə çağıranda qəhqəhə çəkməkdən özünü güclə saxlayırdı. At tövlələrinin sahibi kapitan Conson isə qızların bu didişməsindən lap təngə gəlmişdi.
– Siz niyə özünüzü belə aparırsınız? – bir dəfə o, səhər yeməyi vaxtı onlardan soruşdu. – Məgər balacasınız? Yoxsa, böyüdüyünüzü unutmusunuz, qızlar?
Axırıncı söz Corcu da, Henrini də tutdu, lakin heç biri dillənmədi. Çünki hər ikisi kapitan Consondan çəkinirdi. O hər şeyi üzə deyən, tündxasiyyət adam idi. Bununla belə, atlarla çox mehriban rəftar edirdi. Arvadı ilə birlikdə tətil zamanı məktəbli qızları, oğlanları yanlarında saxlayır, onlara yatmağa yer, yemək verir, əvəzində isə o ki var işləməyə məcbur edirdilər. Buna baxmayaraq uşaqlar yenə də onların evində qalmaqdan ləzzət alırdılar.
– Məsələ aydındır, – Enn ot tayasının üstündə yerini rahatlayıb dedi, – əgər Henri burada olmasaydı, sən hər şeydən razı qalardın. Mülayim hava, qəşəng atlar… Kapitan Consonla arvadı da çox yaxşı adamlardır.
– Nə olsun, oğlanlar ki yanımızda deyillər! – Corc dedi. – Onlar sənin bu yaramaz Henrinin cavabını yaxşıca verərdilər. Evdə qalsaydım, bundan yaxşı olardı!
– Özün gəlmək istədin, – Enn artıq özündən çıxmağa başlamışdı. – Kirrin-kottecdə, valideynlərinin yanında da qala bilərdin. Ancaq mənə qoşulub bura gəldin. Bir də ki, bilirsən nə var, bəsdir şikayətləndin! Bu giley-güzarın artıq məni bezdirməyə başlayıb.
– Bağışla, Enn, – Corc səhvini anlayıb üzrxahlıq elədi, – deyəsən, mən, doğrudan da, özümü yaxşı aparmıram. Yəqin, oğlanlar üçün darıxmışam. Axı onlarla təkcə tətildən-tətilə görüşə bilirik. Onlarsız tətilin ləzzəti olmur. Sənə bir söz deyim?! Hər bir halda, burada ürəyimcə olan bir şey var!
– Bilirəm nəyi deyirsən, – Enn güldü. – Timminin Henridən xoşu gəlmir, bu da sənə ləzzət eləyir.
– Henri yox, Henrietta! – Corc düzəliş etdi. – Hə, bizim sevimli Timminin də ondan zəhləsi gedir! Yazıq it bu gün çox yoruldu. Biz at çapanda arxamızca neçə mil yol qaçıb! Odur bax, indi də dovşan yuvalarını imsiləyir. Timmi, bura gəl, bir az dincini al.
Timmi həvəssiz halda yuvadan aralanıb qızların yanına gəldi. Tayanın üstündə özünə yer eləyib Corcun əllərini yalamağa başladı.
– Bilirsən, Timmi, biz elə indicə səndən danışırdıq, – Corc üzünü itinə tutub dilləndi. – Deyirdik ki, sən çox ağıllı itsən, o iyrənc Henrietta ilə dostluq elə…
Bu vaxt Enn əmisi qızının ayağına möhkəm bir təpik ilişdirdiyindən Corcun sözü ağzında qaldı. Çox keçmədi ki, kiminsə kölgəsi onların üstünə düşdü.
Gələn Henrietta idi. Üzündəki ifadədən Corcun son sözlərini eşitdiyi bəlli idi. Qızın əlində bir zərf vardı.
– Sənə məktub gəlib, Corcina, – o, soyuq səslə dilləndi. – Dərhal gətirdim ki, birdən orada nəsə təcili xəbər yazılmış olar.
– Sağ ol, Henrietta, – Corc zərfi alıb açdı, oxuyub qurtaran kimi qışqırdı: – Bir bax, Enn! Məktub anamdandır!
O bunu deyib əlindəki kağızı əmisi qızına uzatdı. Enn dərhal alıb oxudu:
«Atan xəstələnib. Xahiş eləyirəm, bir həftə də orada qal. Öpürəm. Anan».
– Görürsən, işlərimiz necə tərs gedir! – Corc qaşqabağını töküb dedi. – Mən də ümid eləyirdim ki, bir neçə günə evə qayıdarıq, oğlanlar da Kirrin-kottecə gələrlər. İndi otur burada, bir həftə gözlə! Görəsən, atama nə olub ki? Yoxsa, başı ağrıyır? Boş şeydir! Sadəcə, bizim evdə ora-bura qaçıb səs-küy salmağımızı istəmir.
– Əgər istəyirsənsə, bizə gedə bilərik, – Enn təklif elədi. – Əlbəttə, əgər səs-küy, qarışıqlıq səni narahat etməyəcəksə… Evdə təmir gedir, divar kağızlarını yeniləyirlər.
– Yaxşı, yaxşı! Bilirəm axı burada, atların yanında qalmaq istəyirsən. Üstəlik, valideynlərin də xaricdədir. Biz orada ustalara mane ola bilərik. Nə etməli, bir həftə də dözməyə məcburam.
Kapitan Conson, əlbəttə ki, qızların qalmasına razılıq verdi. Dedi ki, hətta çadırda da gecələyə bilərlər, əgər istəsələr, uşaqlardan bir-ikisi də onlarla qalar. Yəqin ki, qızlar buna etiraz etməzlər.
– Yox, nə danışırsınız?! – Corc dilləndi. – Düzdür, biz ikilikdə qalmaq istərdik. Daha doğrusu, üçlükdə, Timmi də var axı! Bu çox əla olardı. Sizin yanınıza da ancaq nahar eləmək və işləmək üçün gələrdik.
Enn ürəyində Corca gülürdü. Bilirdi ki, o, Henriettanı mümkün qədər az görmək istədiyi üçün belə canfəşanlıq edir. Bir tərəfdən də hava yaxşı olarsa, çadırda yaşamaq, doğrudan da, maraqlıdır.
– Zavallı, Corcina, – söhbətə başdan-axıra kimi qulaq asan Henrietta dedi. – Burada necə darıxdığını bilirəm. Heyif ki, atlardan xoşun gəlmir. Bir də, heyif ki…
– Kəs səsini! – Corc kobudluqla onun sözünü ağzında qoyub oradan uzaqlaşdı.
Bayaqdan bəri onları müşahidə eləyən kapitan Conson Henriyə yaxınlaşıb soruşdu:
– Siz niyə özünüzü belə aparırsınız axı? Başa düşmürsünüz ki, oğlanları yamsılamaqla oğlan olmayacaqsınız. Heç olmasa, Enndən ibrət götürün, o heç vaxt problem yaratmır. Yaxşı, de görüm, tövlədəki atlara saman vermisən?
– Hə, – Henrietta başını aşağı salıb dilləndi.
Bu vaxt balaca bir oğlan uşağı qaça-qaça onların yanına gəlib dedi:
– Bir oğlan gəlib, yanında axsaq bir atı da var. Deyəsən, atın ayağına nəsə olub. Soruşur ki, siz ona kömək edə bilərsiniz, ya yox?
– Yenə bu avaralar gəldi də! – kapitan Conson deyinməyə başladı. – Yaxşı, de ki, indi gəlirəm.
Enn də kapitan Consonun arxasınca getdi, çünki Henri ilə baş-başa qalmaq istəmirdi. Uzaqdan Corcun bir oğlanla arıq, ala-bula atın yanında dayandığını gördü.
– Yenə bu atın başına nə oyun açmısan? – kapitan Conson heyvanın ayağını gözdən keçirib dedi. – Qoy hələlik burada qalsın, biz onu sağaldarıq.
– Onu burada qoya bilmərəm, – oğlan etiraz elədi, – biz yenə Sirli Xam Torpaqlara yola düşürük.
– Yazıq heyvan addım ata bilmir, o qədər yolu necə getsin? Əgər xəstə atı o boyda yolu getməyə məcbur etsəniz, polis çağıracağam, qoy atan buna görə cavab versin. Başa düşdün?
– Yox, yox! Polis çağırmayın! – oğlan yalvarmağa başladı. – Mənim günahım yoxdur, atam özü dedi ki, sabah yola düşməliyik.
– Niyə belə tələsirsiniz ki? – kapitan Conson maraqla soruşdu. – Bir neçə gün gözləyə bilməzsiniz? Xam Torpaqlar heç yerə qaçmır. Ümumiyyətlə, o düzəngahda nə işiniz var axı? Ora yaxın nə bir ferma var, nə də ev.
– Yaxşı, atı burada qoyaram, – oğlan heyvanın ayağını sığallayaraq dedi. Belə görünürdü ki, atını çox istəyir. – Düzdür, dəstədən geri qalacağıq deyə atam hirslənəcək, ancaq nə etmək olar, sonradan onlara birtəhər çatarıq.
Bu ortaboylu, arıq, dərisinin rəngi günəşdən yanıb-qaralmış oğlan kapitanla sağollaşıb oradan uzaqlaşdı. Ala-bula at isə sakitcə öz yerində dayanmışdı.
– Atı kiçik tövləyə aparın, – kapitan Conson üzünü Ennlə Corca tutub dedi. – İndi gəlib baxaram, görüm ona nə olub.
Qızlar atı tövləyə apardılar.
– Sirli Xam Torpaqlar! – yolda Corc dedi. – Qəribə addır. Yəqin, ora bizim oğlanları maraqlandırardı. Hətta dərhal Xam Torpaqlara yola düşmək istəyərdilər, düzdür, Enn?
– Hə, düz deyirsən, – Enn razılaşdı. – Bircə gəlib çıxsaydılar! Lakin, məncə, onların düşərgədə kefləri kökdür, çətin bura gəlmək istəsinlər.
Qızlar xəstə atı tövləyə salıb qapını arxadan bağladılar. Geri qayıdanda isə bir qədər əvvəl atını gətirmiş oğlanın gəlişini xəbər verən uşaqla rastlaşdılar.
– Corc! Enn! Sizə daha bir məktub gəlib! – uşaq hələ yaxınlaşmadan qışqırdı. – Mən onu evə qoymuşam.
Qızlar bunu eşidib evə tərəf qaçmağa başladılar.
– Ümid eləyirəm ki, atamın vəziyyəti yaxşılaşıb, artıq evə qayıda bilərik, – Corc qaça-qaça deyirdi. – Oğlanları da elə Kirrin-kottecdə qarşılayarıq.
Corc evə çatan kimi zərfi götürüb açdı. Gözlərini tələm-tələsik kağızda yazılan sətirlərin üstündə gəzdirəndən sonra qəfildən elə qışqırdı ki, Enn diksindi:
– Gəlirlər!
Enn dərhal məktubu qızın əlindən alıb oxumağa başladı.
«Sabah sizin yanınıza gəlirik. Əgər evdə qalmağa yer olmasa, çadır qurarıq. Ümid eləyirik ki, vaxtımızı çox maraqlı keçirəcəyik.
Hörmətlə: Culian və Dik».
– Gəlirlər! Gəlirlər! – Enn də qışqırmağa başladı. – Çox maraqlı olacaq!
– Heyif ki, burada onları maraqlı heç nə gözləmir, – Corc mızıldandı. – Lakin, kim bilir, bəlkə də, belə deyil…

Culian, Dik və Henri
Əmisi oğlanlarının ertəsi gün fermaya gələcəyini öyrənəndən sonra Corc çox dəyişmişdi. İndi hətta Henri ilə də nəzakətli davranırdı.
Kapitan Conson əlavə iki uşağın da gələcəyini öyrənəndə boynunun ardını qaşıyıb dedi:
– Onlara evdə yer verə bilməyəcəyik, boş otağımız qalmayıb. Ya tövlədə yatarlar, ya da çadırda, mənim üçün heç bir fərqi yoxdur. Lakin yeməyi bizimlə birlikdə yeyə bilərlər.
– Yeni gələn oğlanlarla birlikdə on nəfər olacaqsınız, – kapitan Consonun arvadı dedi, – Enn, Corc, Henri, Con, Süzanna, Alisa, Rita, Vilyam, Culian, Dik. Bəlkə, Henri də çadırda yatmalı oldu.
– Lakin bizimlə yox, – Corc dərhal dilləndi.
– Mənə elə gəlir ki, sən Henri ilə yaxşı rəftar etmirsən, – missis Conson qıza məzəmmətlə baxıb dedi. – Halbuki siz onunla bir-birinizə çox bənzəyirsiniz. İkiniz də belə hesab eləyirsiniz ki, bu dünyaya oğlan kimi göz açmalı idiniz.
– Mən Henriettaya oxşayıb eləmirəm! – Corc əsəbi halda dilləndi. – Missis Conson, qoy əmim oğlanları gəlib çıxsın, onlar da bizim bir-birimizə oxşamadığımızı təsdiqləyəcəklər. Məncə, onlar Henriettanın üzünə belə baxmaq istəməyəcəklər!
– Corc, bilirsən nə var, əgər burada qalmaq istəyirsinizsə, bir-biriniz ilə yaxşı yola getməlisiniz, – missis Conson dedi. – Gedim görüm oğlanlar üçün yorğan-döşək tapa bilirəm. Enn, sən də mənimlə gəl.
Enn, Corc və Henri yerdə qalan beş uşaqdan yaşca bir az böyük idilər. Bütün uşaqlar Diklə Culianın gəlişinə çox sevinirdilər. Çünki Corcla Enn bundan əvvəlki yay tətillərində Kirrin adasında başlarına gələn bütün sərgüzəştləri uşaqlara danışmışdılar. Balacaların hamısı onları əsl qəhrəman hesab eləyirdi.
Həmin gün Henrietta səhər yeməyindən sonra harasa yoxa çıxdı, uşaqlar onu axtarsalar da, tapa bilmədilər.
– Əzizim, hara yoxa çıxmışdın? – qız, nəhayət, gəlib çıxanda missis Conson soruşdu.
– Öz otağımda idim, – Henrietta cavab verdi. – Ayaqqabılarımı, qalife[3 - Qalife – aşağısı dar, yuxarısı isə yanlardan enli hərbi şalvar. İlk dəfə belə şalvarı Fransa generalı Q.Qalife geyindiyi üçün söz onun adı ilə bağlı yaranıb.] şalvarımı, gödəkçəmi təmizləyirdim.
– Aha! Qəhrəmanlarla görüşə hazırlaşır, – kapitan Conson gülə-gülə dedi.
Bunu eşidən Henri eynilə Corc kimi üz-gözünü turşutdu.
– Elə şey yoxdur! Bu işləri çoxdan görmək istəyirdim. Bir də ki, əgər Corcinanın əmisi oğlanları da ona oxşayırlarsa, mənim onlarla heç bir işim olmaz!
– Niyə belə deyirsən? – Enn söhbətə qarışdı. – Bəlkə, qardaşlarım sənin xoşuna gəldilər? Əgər əksinə olarsa, deməli, problem elə sənin özündədir.
Corc daha bu söhbətə qulaq asmaq istəmirdi, odur ki Timmini də yanına alıb oradan uzaqlaşdı.
– Eşitdin, Timmi, sabah Culianla Dik bura gəlirlər, – yolda qız üzünü itinə tutub dedi. – Biz beşimiz yenə bir yerdə olacağıq! Bu sənin xoşuna gəlir, düzdür, Timmi?
– Hav! – it bir ağız hürüb onun sözlərini təsdiqlədi. Sonra qabağa düşüb quyruğunu bulamağa başladı. Timmi çox ağıllı heyvan idi, hər şeyi başa düşürdü.
Ertəsi gün səhər tezdən Corcla Enn tövlələrdən iki mil uzaqlıqda yerləşən stansiyada qatarların hərəkət cədvəlini gözdən keçirirdilər.
– Bax, bu qatarla gələcəklər, – Corc barmağını cədvəlin üstünə qoyub dedi. – Oradan səhər saatlarında çıxan yeganə qatar budur. Günorta saat 1-in yarısında bura gəlib çatır. Biz isə 12-yə 10 dəqiqə qalmış evdən çıxsaq, yetişərik. Oğlanların yükünə kömək eləyərik. Lakin, məncə, onlar özləri ilə bir o qədər də çox şey gətirməzlər.
Qızlar evə qayıdanda kapitan Conson uzaqdan onları görüb qışqırdı:
– Atları yemişanlığa tərəf aparın, otlasınlar. Dördünü birdən apara bilərsiniz?
– Əlbəttə! – Enn sevinclə dilləndi. Qızın yemişan kollarının arasında gəzməkdən çox xoşu gəlirdi. Orada ensiz cığır boyunca dəmrovotu, bənövşə, primula və üstü ağ çiçəklərlə dolu yemişan kolları uzanırdı.
– Corc, tələs! – Enn qışqırdı. – Atları götürüb gedək! Bu səhər hava elə gözəldir ki!
Qızlar dörd cavan, sağlam atı qabaqlarına qatıb yola düzəldilər. Timmi bir addım belə qızlardan geri qalmırdı.
Onlar yenicə yola çıxmışdılar ki, kapitan Consongilin evində telefon zəng çaldı. Dəstəyin o başından Enni soruşurdular.
– Təəssüf ki, o, indi evdə deyil, – missis Conson cavab verdi. – Bəs danışan kimdir? Culian, sənsən! Enn gələndə nə deyim?
– Zəhmət olmasa, deyin ki, biz saat 12-nin yarısında Millinq Qrin avtobus dayanacağında olacağıq. Bir də, sizin arabanız yoxdur ki? Əgər varsa, Corcla Enn gələndə onu da gətirə bilərlər? Biz özümüzlə çadır və bəzi başqa əşyalar da gətiririk, arabasız daşımaq çətin olacaq.
– Sizə araba göndərərik, – missis Conson dedi. – Corcla Enn sizi qarşılamağa gedərlər, onlar araba sürməyi bacarırlar. Sizin gəlişinizə çox şadıq!
Culian missis Consona təşəkkür edəndən sonra qadın dəstəyi asdı. Birdən onun gözü pəncərənin qarşısından keçən Henriettaya sataşdı. Qızın üst-başı həmişəkindən daha təmiz və səliqəli idi.
– Henri! – missis Conson pəncərədən ona səsləndi. – Corcla Enn haradadırlar? Culianla Dik saat 12-nin yarısında avtobus dayanacağında olacaqlar. Onlara xəbər verə bilərsən? Deyərsən ki, Vinkini arabaya qoşub dayanacağa yollansınlar.
– Yaxşı, – Henri cavab verdi. Birdən qızın yadına düşdü ki, Corcla Enn atları otarmağa aparıblar. – İndi xatırladım, onlar atları yemişanlığa aparıblar, həmin vaxta kimi gəlib çata bilməzlər. Bəlkə, elə mən özüm arabanı götürüb gedim?
– Yaxşı, onda sən get, – missis Conson razılaşdı. – Çox sağ ol, Henri. Lakin bir az tələs, vaxta az qalıb. Bəs Vinki haradadır? Tarlada?
– Buralardadır, – Henri bunu deyib atın dalınca yollandı.
Çox keçmədən atı arabaya qoşdular, Henri qozlada oturdu. Yola düşəndə o, Corcla Ennin oğlanları qarşılaya bilmədiklərinə görə necə qəzəblənəcəklərini təsəvvürünə gətirib məmnunluqla gülümsədi.
Culianla Dik avtobus dayanacağında oturub qızların gəlişini gözləyirdilər. Oğlanlar uzaqdan görünən arabaya gözlərini dikib Ennlə Corcun onun içində olduqlarına ümid edirdilər.
– Yox, bu onlar deyil, – Dik dedi. – Başqa adamdır, yəqin, kəndə gedir. Bəlkə, bizim dediklərimizi qızlara çatdırmayıblar? Eybi yoxdur, bir az da gözləyək.
Elə yenicə skamyada oturmuşdular ki, araba gəlib düz onların qarşısında dayandı.
– Ennin qardaşları sizsiniz? – Henri arabadan onlara tərəf səsləndi. – Telefonda dediklərinizi onlara çatdıra bilmədik, ona görə də arxanızca mən gəldim. Arabaya minin, gedək!
– Biz buna görə sənə minnətdarıq! – Culian bunu deyib yükləri arabaya daşımağa başladı. – Mənim adım Culiandır, bu isə qardaşım Dikdir. Bəs sənin adın nədir?
– Henri, – yükləri arabaya yerləşdirməkdə Culiana kömək edən qız dilləndi. Sonra ata təpindi ki, dinc dayansın.
– Yaxşı ki, gəldiniz, – qız sözünə davam elədi: – Yoxsa buradakıların çoxu balaca uşaqlardır, atlara baxa bilmirlər. Yəqin ki, hamıdan çox sizin gəlişinizə Timmi sevinəcək, düzdür?


– Ennin qardaşları sizsiniz? – Henri arabadan onlara tərəf səsləndi. – Telefonda dediklərinizi onlara çatdıra bilmədik, ona görə də arxanızca mən gəldim. Arabaya minin, gedək!

– Ah, bizim sevimli Timmimiz! – Dik ucadan dedi.
Henri oğlanlara bütün əşyaları arabaya yerləşdirməkdə kömək elədi. O, qız uşaqları kimi nərmənazik deyildi, kök olmasa da, əzələləri möhkəm idi.
– Yəqin ki, artıq yola düşə bilərik. Bəlkə, siz nəsə almaq istəyirsiniz? Dondurma, ya da başqa bir şey? Nahar yeməyi saat 1-dən tez olmayacaq.
– Yox, dərhal yola düzəlsək, yaxşıdır, – Culian dedi.
Henri bir göz qırpımında qozlaya hoppanıb cilovu əlinə aldı və Vinkiyə komanda verməyə başladı. Uşaqlar arabanın arxasında özlərinə yer elədilər. Vinki qəfil yerindən sıçrayıb irəli atıldı.
– Yaxşı oğlandır, – Dik Culianın qulağına pıçıldadı. – Sağ olsun, bizi qarşılamağa gəldi.
Culian başını tərpətdi. O, Ennlə Corcu görmədiyi üçün bir az məyus olmuşdu. Eyni zamanda fikirləşirdi ki, nə yaxşı bu oğlan gəlib çıxıb. Yoxsa yüklə bir belə yolu piyada getmək çətin olacaqdı.
At tövlələrinə çatanda Henri onlara yüklərini arabadan boşaltmaqda kömək elədi. Missis Conson arabanın səsini eşidib onları qarşılamaq üçün bayıra çıxmışdı, kandarda gözləyirdi.
– Hə! Axır ki, gəlib çıxdınız! Düşün, düşün! Sizə qəlyanaltı hazırlamışam. Yüklərinizi bax ora qoya bilərsiniz. Henri, əgər oğlanlar tövlədə gecələyəcəklərsə, çantaları evə daşımağın mənası yoxdur. Təəssüf ki, Corcla Enn hələ də qayıtmayıblar.
Oğlanlar evə girib əllərini yuyandan sonra süfrəyə oturdular. Missis Conson onları peçenye ilə limonada qonaq elədi. Elə yenicə yeməyə başlamışdılar ki, Enn qaçaraq içəri girdi.
– Henri gəldiyinizi xəbər verdi! Bağışlayın ki, sizi qarşılaya bilmədik. Biz elə bildik, qatarla gələcəksiniz.
Çox keçmədən Timmi də həyəcanla quyruğunu bulayaraq içəri yüyürdü və özünü oğlanların üstünə atdı. Ən axırda isə Corc gəlib çıxdı.
– Culian! Dik! Nə yaxşı gəlib çıxdınız! – qız sevinclə dilləndi. – Yoxsa burada sizsiz çox darıxırdıq. Bəs sizi kimsə qarşıladı?
– Bir oğlan idi, – Dik dedi. – Yüklərimizə də kömək elədi. Siz niyə onun barəsində bizə heç nə yazmamışdınız?
– Görəsən, bu, Vilyam olub? – Enn maraqla soruşdu. – Yox, axı o, balacadır, arabanı təkbaşına sürə bilməz.
– Yox, o qədər də balaca deyildi, – Dik başını bulayıb dedi, – elə biz yaşda olardı.
– Sizə bircə Henrietta haqqında heç nə yazmamışdıq! – Corc dilləndi. – O elə bilir, anadangəlmə oğlandır, əlləri cibində fit çala-çala ətrafda gəzir. Biz də onu ələ salıb gülürük.
Birdən Enn nəyisə xatırlayıb cəld soruşdu:
– Sizi qarşılayan oğlan adını demədi ki?
– Dedi, qoy görüm necə idi… – Dik fikirləşməyə başladı. – Hə, yadıma düşdü, adı Henri idi! Qiyamət oğlandır!
Corc qulaqlarına inana bilmirdi, heyrətdən yerində donub-qalmışdı.
– Necə? Henri? – nəhayət, qız dilləndi. – Sizi o mənfur qız qarşılayıb?
– Qız niyə? – Culian təəccüblə soruşdu. – Henri oğlandır, gülərüz uşaqdır.
– O, Henriettadır! – Corc var gücü ilə qışqırdı. Qızın üzü qəzəbdən qıpqırmızı olmuşdu. – İndicə haqqında danışdığım o zəhləm getmiş qızdır. Hamıya adının Henri olduğunu deyir, saçlarını oğlan sayağı vurdurur, qalife şalvar geyinib bütün gün fit çalır, bu atdan düşüb o birinə minir…
– Bura bax, Corc, – Dik qızın sözünü kəsib dedi, – o lap sənə oxşayır ki! And içirəm ki, onun qız olduğu mənim ağlıma da gəlmədi. Əməlli-başlı artistdir!
– Həyasızlığın dərəcəsinə bir bax! – Corc sakitləşmək bilmirdi. – Bizə bir kəlmə də demədən sizi qarşılamağa gedir, özünü oğlan kimi qələmə verir, hər şeyi alt-üst edir!
– Yaxşı, Corc, bəsdir özündən çıxdın! – Culian əmisi qızını sakitləşdirməyə çalışırdı. – Səni də kimsə oğlana oxşadanda xoşuna gəlir, bircə şeyi başa düşə bilmirəm ki, bütün bunlar nəyə lazımdır? Görürəm ki, aradan keçən müddətdə bir qram da ağıllanmamısan!
Corc heç nə deməyib ildırım kimi otaqdan çıxdı. Culian boynunun ardını qaşıyıb Dikə baxdı.
– İşə düşdük də! – oğlan dilləndi. – O niyə belə eləyir? Əslində, Henri onun xoşuna gəlməlidir, çünki ikisi də bir yuvanın quşudur. Nə isə, yəqin, əvvəl-axır öyrəşərlər.
– Ağlım kəsmir, – Enn dedi. – Onların yola getməməyi bizə əməlli-başlı problem yaradacaq.
O, haqlı idi, həqiqətən də, qızların arasındakı çəkişmə onlara çox böyük çətinliklər yaratdı…

Sümsük
Corc otaqdan yenicə çıxmışdı ki, Henri içəri girdi. Əlləri yenə qalife şalvarının cibində idi.
– Salam, Henrietta! – Dik ucadan dilləndi.
– Oho! Deməli, mənim haqqımda artıq sizə məlumat veriblər! – qız gülümsəyib dedi. – Siz mənim oğlan olduğumu fikirləşəndə bir xeyli əylənmişdim! Lakin, hər bir halda, mən Corcdan daha çox oğlana oxşayıram.
– Hə, yəqin, saçlarına görə, – Dik dedi. – Corcun saçları ilə müqayisədə səninkilər daha düzdür.
– Nəbadə Corcun yanında bunu deyəsən! – Enn qardaşına xəbərdarlıq elədi. – Yoxsa dərhal gedib əsgərlər kimi saçlarını lap dibdən vurduracaq.
– Henri, sağ ol ki, bizi qarşıladın, əşyalarımızı arabaya yükləməyə kömək elədin! – Culian qıza bir daha minnətdarlıq elədi. – Yaxşı, bəs burada işlər necə gedir?
– Pis deyil, – Henri dedi. – Hə, bircə şam yeməyində qalife şalvarımı dəyişdirməyə məcbur etməsələr… Bu, adamı qıcıqlandırır. Çünki kapitan Conson özü masaya oturmamışdan əvvəl iş paltarını dəyişdirmir.
– Bəs başqa nə xəbər var? – Culian limonadından bir qurtum alıb soruşdu. – Maraqlı heç nə baş verməyib?
– Elə bir şey yoxdur, – Enn cavab verdi. – Maraqlı nə varsa, atlarla bağlıdır, vəssalam. Bura darıxdırıcı yerdir. Amma bu yaxınlarda bir yer haqqında eşitmişik. Ora «Sirli Xam Torpaqlar» adlanır.
– Bəs niyə o yerə belə deyirlər? – Dik soruşdu.
– Bilmirəm, – Enn çiyinlərini çəkdi. – Deyəsən, indi ora yalnız qaraçılar gedir. Dünən bura bir qaraçı oğlan gəlmişdi, atı da axsayırdı. Dedi ki, tezliklə Sirli Xam Torpaqlara yola düşməlidirlər. Bilmirəm orada nə işləri var. Eşitdiyimə görə, o yerin ətrafında nə bir ev var, nə də ferma.
– Qaraçıların adət-ənənələri çox qəribədir, – Henri dilləndi. – Onların arxalarınca gələn yoldaşları üçün yolboyu qoyduqları işarələr mənim xoşuma gəlir. Qaraçılar həmin işarələrə «patrinlər» deyirlər.
– Patrinlər? Mən bu barədə eşitmişəm, – Dik dedi. – Bu, yollarda xüsusi formada düzülmüş budaq parçaları, yarpaqlardır, elə deyil?
– Hə, – Henri təsdiqlədi. – Bir dəfə bizim bağban mənə bağın qapısının yanında o budaqlardan bir neçəsini göstərmişdi. Demişdi ki, qaraçılar bu yolla onların arxasınca gələnlərə xəbərdarlıq edirlər. Sonra da mənasını izah eləmişdi.
– Mənası nə idi ki? – Culian maraqla soruşdu.
– Onların çatdırmaq istədikləri fikir bundan ibarət idi: «Buradakı adamlar acgözdürlər, yaxşı insanlar deyillər, onlardan heç nə istəmə!» – Henri bunu deyib gülürdü. – Bağban elə beləcə də demişdi, təsəvvür edirsiniz?
– Bura gələn o qaraçı oğlandan həmin işarələri oxumağın yolunu öyrənə bilərik, – Enn dilləndi. – Bilmək olmaz, bəlkə, nə vaxtsa işimizə yaradı.
– Düzdür, – Culian razılaşdı. – Ondan qaraçıların niyə Sirli Xam Torpaqlara getdiklərinin səbəbini də soruşarıq. Yəqin ki, ora boş yerə yollanmırlar.
– Bura bax, bəs bizim Corc hara yoxa çıxdı? – Dik soruşdu.
Həmin vaxt Corc tövlələrin birində cidd-cəhdlə atları qaşovlayırdı[4 - Qaşovlamaq – dəmirdən düzəldilmiş darağa bənzər dişli alətin köməyi ilə heyvanın dərisini təmizləmək]. Bütün fikrini işə vermişdi ki, Henrinin hərəkətini yadından çıxartsın. Yoxsa yenə qaşqabağını sallayıb hamının əhvalını korlayacaqdı.
«Yaramaz Henrietta! Buna bir bax! Özünü oğlan kimi göstərməyi bəs deyil, hələ, üstəlik, Culianla Diki qarşılamağa da gedir! Yüklərinə kömək eləyir!»
Qız baş verənləri yadına saldıqca bir az da əsəbiləşir, atları var gücü ilə qaşovlamağa davam eləyirdi.
– Demək, burada imişsən! – tövlənin qapısı ağzından Dikin səsi gəldi. – Qoy sənə kömək eləyim. Bura bax, Corc, sən əməlli-başlı kürən olmusan ki! Üzünü də çil basıb.
Corc zorla gülümsəyib əlindəki fırçanı Dikə uzatdı:
– Buyur. Culianla at çapmağa getmək istəmirsiniz? Burada o qədər at var ki!
Dik əmisi qızının hirsinin soyuduğunu görüb çox təəccübləndi. Adətən, Corc əsəbiləşəndə təkliyə çəkilər, bir müddət heç kimlə kəlmə kəsmək istəməzdi.
– Çox yaxşı olardı! – Dik dilləndi. – Hətta birgünlük harasa, məsələn, elə Sirli Xam Torpaqlara da gedə bilərik. Görək oralar necə yerdir!
– Qiyamət olar! – Corc həyəcanla dilləndi. – Bircə şərtim var: o qız bizimlə gəlməsin!
– Hansı qız? – Dik əvvəl özünü bilməzliyə vurdu. – Həə, Henrini deyirsən? Mən onun qız olduğuna hələ də inana bilmirəm. Əlbəttə, onu özümüzlə aparmayacağıq, həmişəki kimi beşimiz bir yerdə yola düşəcəyik.
– Çox gözəl! – Corc sevincək razılaşdı.
Həmin vaxt Culian ilə Enn də tövləyə gəldilər. Elə bu zaman ötən gün axsaq atını gətirən qaraçı oğlan da göründü. Oğlanın çirkli üzündə göz yaşlarının izi qalmışdı.
– Atımın dalınca gəlmişəm, – qaraçı oğlan burnunu çəkə-çəkə dedi. – Bilmirsiniz, o haradadır?
– At hələ səfərə çıxmağa hazır deyil, – Corc cavab verdi. – Kapitan Conson sənə dedi axı, bunun üçün vaxt lazımdır. Nə olub sənə, ağlamısan?
– Atam məni möhkəmcə kötəklədi, – oğlan yenə burnunu çəkə-çəkə dilləndi.
– Niyə? – Enn soruşdu.
– Niyə olacaq?! Atı burada qoyub getdiyimə görə! Deyir ki, atın ayağına məlhəm sürüb bağlasan, keçib-gedər. O, günü bu gün yüklərlə birlikdə yola düşməlidir, alaçığımızı[5 - Alaçıq – çubuqdan qurulub üstü keçə ilə örtülən köçəri mənzili; çadır] da aparmalıdır.
– Yazıq at heç özünü çəkib apara bilmir, alaçığı necə daşısın? – Enn dedi. – Yoxsa, istəyirsiniz ki, kapitan Conson xəstə atı işlətdiyinizə görə sizi polisə versin, hə? Baxın ha, o dediyini eləyən adamdır!
– Hə, bilirəm, – oğlan donquldandı, – ancaq mən bu gün atı aparmalıyam. Yoxsa geri qayıda bilmərəm, atam bu dəfə mənim qabırğalarımı sındırar.
– Bəs niyə özü gəlmir, səni göndərir? – Dik soruşdu.
Oğlan dillənmədi, çirkli əlləri ilə göz yaşlarını silib burnunu çəkdi. Sonra isə yalvarmağa başladı:
– Xahiş eləyirəm, atı mənə verin! Əgər onsuz qayıtsam, atam bədənimdə sağ yer qoymayacaq!
Uşaqların bu oğlana yazığı gəldi.
– Adın nədir? – Enn xəbər aldı.
– Sümsük, – oğlan dedi. – Atam məni belə çağırır.
Ləqəb yerinə düşsə də, atanın oğluna belə ad verməsi ağlasığan iş deyildi. Belə də qəddar ata olar?!
– Düz-əməlli adın yoxdur? – Enn bir də soruşdu.
– Var, amma yadımdan çıxıb, – oğlan cavab verdi. – Atımı qaytarın, xahiş eləyirəm, atam gözləyir.
– Mən gedib onunla danışaram, – Culian dedi. – Atan haradadır?
– Odur, orada! – oğlan yenə burnunu çəkib əli ilə kolluqları göstərdi.
– Mən də səninlə gəlirəm, – Dik dedi.
Axırda uşaqların hamısı Sümsüyün arxasınca kolluqlara tərəf yollandı. Çox keçmədən bir az aralıda qarayanız, qaşqabaqlı bir kişinin dayandığını gördülər. Onun sıx, qıvrım saçları vardı, qulaqlarından da iri halqavari qızıl sırğalar asılmışdı. Uşaqlar ona yaxınlaşdılar.
– Sizin at hələ düz-əməlli yeriyə bilmir, – Culian dedi. – Ya sabah, ya da birisi gün onun arxasınca gələ bilərsiniz, kapitan Conson belə dedi.
– Mən atımı elə indi götürüb aparacağam, – kişi dilləndi. – Biz ya bu gecə, ya da sabah tezdən yola düşürük. Gözləməyə vaxtım yoxdur.
– Hara tələsirsiniz ki? – Culian soruşdu. – Xam Torpaqlar bir yerə qaçmır!
Kişi üz-gözünü turşudub ayağının birini götürərək o birini qoydu.
– Siz bir-iki gecə burada qalıb sonra öz köçünüzün arxasınca gedə bilməzsiniz? – Dik soruşdu.
– Hə, ata, o biri köçlə gedərsən, – qaraçı oğlan da dilləndi. – Ya da sən Moiseylə get, mən də burada qalıb gözləyim. Atımız sağalan kimi sizin arxanızca gələrəm.
– Bəs yolu necə tapacaqsan? – Corc soruşdu.
– Asanca! – oğlan dedi. – Onlar mənə yolu başa salmaq üçün patrinlər qoyacaqlar.
– Elədir ki var! – Dik dilləndi. – Patrinlər tamam yadımızdan çıxıb.
Sonra üzünü oğlanın atasına tutub dedi:
– Nə qərara gəldiniz?
Kişi cavab verməyib üzünü oğluna tərəf tutaraq nəsə dedi. Uşaqlar heç nə başa düşmədilər, çünki onlar qaraçı dilində danışırdılar. Sonra kişi bir-bir onları başdan-ayağa süzərək sırğalarını yellədə-yellədə oradan uzaqlaşdı.
– O nə dedi? – Culian oğlandan soruşdu.
Qaraçı uşaq, adəti üzrə, burnunu çəkərək dilləndi:
– Çox hirsləndi, dedi ki, bu gün yola düşür, mən isə sonra Klipi, yəni atımızı götürüb onların arxalarınca getməliyəm. Gecəni də Lizlə birlikdə buralarda bir yerdə keçirərəm.
– Liz kimdir? – Enn soruşdu.
– İtimdir, – oğlan bunu deyib ilk dəfə gülümsündü. – Onu buradan bir az aralıda bağlamışam, yoxsa hindtoyuğularının üstünə cumur, kapitan Conson da əsəbiləşir.
– Kim olsa, əsəbiləşər! – Culian dilləndi. – Deməli, hər şey yoluna qoyuldu. Sabah öz Klipinin dalınca gələrsən, görək o, yola çıxmağa hazır olacaq, ya yox!
– Əslində, atın burada qalması mənim də ürəyimdəndir. Klipin ömürlük axsaq qalmasını istəmirəm. İntəhası nə edim ki, atam çox qəzəblənir.
– Yaxşı, sabah gələrsən, – Culian bir də təkrarladı. – Bizə patrinləri də göstərərsən, onların mənasını bilmək istəyirik.
– Gələrəm, – oğlan əli ilə burnunu silib dedi. – Bəs mənim komama baxmaq istəmirsiniz?
– Onsuz da bir işimiz yoxdur, – Dik dedi. – Bəlkə, gedib baxaq?
– Gəlin gedək! – oğlan onları razı salmağa çalışdı. – Sizə patrinləri də göstərərəm. Liz də öz məharətini nümayiş etdirər. Bilirsiniz, o necə ağıllı itdir! Bir vaxtlar sirkdə çıxış eləyib!
– Onda Timmini də özümüzlə götürərik, – Enn dedi. – Qoy o da Lizin göstərəcəyi nömrəyə tamaşa eləsin. Ey, Timmi, nə deyirsən, gedək?
– Hav! – it bir ağız hürüb quyruğunu bulamaqla öz razılığını bildirdi.
– Yaxşı, onda biz sabah sənin komana baxmağa gələrik! – Dik oğlana dedi.

Tövlədə gecəyarısı
Həmin gecə oğlanlar tövlələrin birində gecələdilər. Onlara bircə qaraçıların atının qaldığı balaca tövlədə yer vermişdilər. Zavallı heyvan ayağı sarğılı halda dinməz-söyləməz yerdə uzanmışdı. Enn atı yavaşca sığallamağa başladı. Bu, arıq, çəlimsiz, bir o qədər də gözəgəlimli heyvan deyildi, ancaq qəşəng, qonur gözləri var idi.
Samanların üstünə qalın mələfə salınmışdı ki, çöpləri uşaqların ətinə batmasın.
Qızlar isə kapitan Consonun evində gecələyəcəkdilər.
* * *
Gecəyarıdan keçmişdi.
Oğlanların yatdığı tövlənin qapısı qəfildən yavaşca aralandı. Ay işığında qapıda kiminsə silueti göründü. Xəstə at dərhal başını qaldırıb qapıya tərəf baxdı, əvvəl elə bildi ki, gələn qaraçı oğlandır. Sümsük atını çox sevir, ona qarşı həmişə yaxşı davranırdı. Ancaq qapıda dayanan adam oğlanın atası idi. Atın bu adamdan zəhləsi gedirdi, çünki onu gah qamçılayır, gah da təpikləyirdi.
Klip qaraçı kişini görən kimi astadan kişnədi.


Zavallı heyvan ayağı sarğılı halda dinməz-söyləməz yerdə uzanmışdı. Enn atı yavaşca sığallamağa başladı.

Sümsüyün atasının oğlanların tövlədə gecələdiklərindən xəbəri yox idi. Ata tərəf gedəndə qaranlıqda Culianın ayağını tapdadı, büdrəyib tappıltı ilə yerə dəydi. Səsə Culian yuxudan oyandı.
– Kim var burada? – oğlan qışqırdı.
Kişi qaranlıqda çöməlib nəfəsini içinə çəkdi. Culian öz-özünə fikirləşdi ki, yəqin, yuxu görüb. Elə isə, bəs ayağı niyə ağrıyır? Deməli, onu kimsə tapdamışdı. Oğlan qardaşını dümsüklədi:
– Oyan! Deyəsən, burada kimsə var! Fənərimiz hanı? Ora bax, qapı taybatay açıqdır! Bu lənətə gəlmiş fənər haradadır axı?!
Onlar, nəhayət, fənəri tapıb yandırdılar. Əvvəl heç nə sezə bilmədilər, kişi Klipin o biri tərəfinə keçib gizlənmişdi. Lakin Culian fənərin işığını həmin yerə tutanda qaraçını gördülər.
– Bu ki qaraçı oğlanın atasıdır! – Culian qışqırdı. – Tez ayağa durun görək! Gecə vaxtı burada nə işiniz var?
Kişi ağır-ağır ayağa qalxdı, qaraçının sırğaları fənərin işığı altında par-par parıldayırdı.
– Klipin dalınca gəlmişəm, – o dedi. – Bu mənim atımdır, nədir, guya bilmirsiniz?
– Sizə dedik axı, o, hələ yeriyə bilmir, – Culian izah etməyə başladı. – İstəyirsiniz ki, yazıq at həmişəlik axsaq qalsın? Sizin ki atlardan başınız çıxır, özünüz də yaxşı bilirsiniz ki, bu vəziyyətdə onu yola çıxartmaq olmaz.
– Mənə əmr olunub ki, alaçığımı toplayıb hamı ilə birlikdə yola düşüm.
– Kim əmr eləyib? – Dik soruşdu.
– Barni Bosvella. O bizim ağamızdır. Sabah yola düşməliyik!
– Niyə axı? – Culian bu tələskənliyin səbəbini heç cür anlaya bilmirdi. – Xam Torpaqlarda qeyri-adi nə var ki? Bu nə sirdir belə?
– Sirr-zad deyil, sadəcə, Xam Torpaqlara yollanmalıyıq, vəssalam!
– Orada nə edəcəksiniz ki? – bu dəfə Dik özünü saxlaya bilməyib soruşdu. – Bir karvan adamın bomboş çöllükdə nə işi ola bilər? Xam Torpaqların ətrafında yaşayış məskəni yoxdur axı!
Kişi çiyinlərini çəkib cavab vermədi. Sonra Klipə tərəf addımlayıb atı yerdən qaldırmaq istədi. Ancaq Culian ona mane olmaq üçün qətiyyətlə qabağa durdu.
– Yox! Belə olmaz! Buna imkan vermərəm! Atı aparmaq istəyirsinizsə, bir neçə gün gözləməli olacaqsınız. Zavallı heyvan özünə gəlsin, sonra. Dik, tez ol, kapitan Consonu bura çağır! O nə edəcəyini yaxşı bilir!
– Yaxşı, lazım deyil, heç kimi yuxudan oyatmayın, – kişi dilləndi. – Ancaq baxın ha, çalışın atı oğluma tez qaytarasınız. Yoxsa onu burada başqa məqsədlə saxladığınızı düşünməyə başlayacağam. Bildiniz?
Kişi bunu deyib qəzəblə Culiana baxdı.
– Bizə hərbə-zorba gəlmək lazım deyil! – Culian sakit səslə dilləndi. – Axır ki, vəziyyəti başa düşdüyünüzə sevindim. Sabah öz köçünüzlə birlikdə yola düşün, atınızı da mümkün olduğu qədər qısa vaxtda oğlunuzla yollayarıq.
Qaraçı kişi qapıya yaxınlaşıb kölgə kimi necə gəlmişdisə, eləcə də yox oldu.
– Bütün bunlar çox qəribədir, – Culian tövlənin qapısını içəridən möhkəm bağlayıb qardaşına dedi.
Ertəsi gün isə oğlanlar gecə baş verənləri kapitan Consona danışdılar.
– Hə, gərək sizi onun gələ biləcəyindən xəbərdar edəydim, – kapitan dedi. – Qaraçılar çox vaxt öz heyvanları ilə yaxşı rəftar eləmirlər. Məncə, Klipin ayağı birigündən tez sağalmayacaq.

Gözəl gün
Həmin gün uşaqlar onlara tapşırılan təsərrüfat işlərini yerinə yetirəndən sonra Timmini də götürüb atların belində gəzintiyə çıxdılar. Bircə Corc Henrinin də onlarla birlikdə gedəcəyini eşidib gəzintiyə çıxmaqdan imtina elədi. Bəhanə kimi isə onu göstərdi ki, guya başı ağrıyır. Əlbəttə, uşaqlar məsələni başa düşmüşdülər. Lakin onlar Corcun Henriyə qarşı haqsızlıq etdiyini fikirləşirdilər. Odur ki qızı gəzintiyə gəlmək üçün dilə tutmadılar. Düşündülər ki, belə yaxşıdır: qoy evdə qalıb ağlı başına gəlsin!
Beləliklə, uşaqlar Corcsuz və Timmisiz yola düşdülər. Xeyli getdikdən sonra onların qarşısında göz işlədikcə uzanan Sirli Xam Torpaqlar dayanmışdı.
– Əcəb adı var! – Dik dedi. – Baxın, görün neçə mil uzanır! Aman Allah, ətrafda gör nə qədər ardıc kolu bitib!
– Hə, ancaq bura heç də sirli təsir bağışlamır, – Henri dilləndi.
– Hər bir halda, bura çox sakit və cansıxıcı yerdir, – Enn də öz fikrini bildirdi.
– Yəqin, gecə bu yer daha qorxulu və əsrarəngiz olur, – Henri dedi, – gündüzlər isə adi təsir bağışlayır. Atla gəzinti üçün yaxşı yerdir, vəssalam. Ancaq başa düşmürəm, bura niyə Sirli Xam Torpaqlar deyirlər?
– Məncə, ona görə belə deyirlər ki, yüz illər bundan əvvəl burada nəsə qəribə bir hadisə baş verib, – Dik dedi. – Onda insanlar ifritələrin varlığına, bu kimi başqa şeylərə inanırdılar.
Bir qədər də getdikdən sonra Dik qəfildən atını əyləyib çığırdı:
– Ora bir baxın! İrəlidə nəsə qaraltı var!
Uşaqlar gözlərini onun göstərdiyi səmtə zillədilər.
– Alaçıqlardır! – Culian dedi. – Hə, əlbəttə! Klipin sahibi bu gün səhər tezdən yola düşəcəklərini demişdi. Yadınızdan çıxıb? Gedək onlara daha yaxından baxaq.
Uşaqlar bu təklifi bəyəndilər və qaraçı köçünə tərəf çapmağa başladılar. Yaxınlaşdıqca alaçıqlar daha rəngarəng görünməyə başlayırdı. Cəmi dörd alaçıq var idi: ikisi qırmızı, biri mavi, digəri isə sarı.
Qaraçılar ağır-ağır irəliləyirdilər, arıq yabılar yüklərini güclə çəkib aparırdılar.
Uşaqlar qaraçı köçünə lap yaxınlaşmışdılar, bu vaxt qaraçılardan biri barmağını uzadaraq yanındakı yoldaşına onları göstərdi.
– Bu ki gecə xəlvətcə tövləyə gələn kişidir! – Culian dedi. – Sümsüyün atası! Əcəb görkəmi var imiş, qaranlıqda yaxşı görməmişdim, lap saç-saqqal basıb ki!


Bir qədər də getdikdən sonra Dik qəfildən atını əyləyib çığırdı:
– Ora bir baxın! İrəlidə nəsə qaraltı var!

– Günortanız xeyir! – Dik uzaqdan qaraçıları salamladı.
Cavab gəlmədi. Qaraçılar narazılıqla bu dörd atlıya baxırdılar.
– Yolunuz hayanadır? – bu dəfə Henri onlara səsləndi. – Deyəsən, sahilə tərəf gedirsiniz.
– Bunun sizə dəxli yoxdur, – Sümsüyün atasının yanındakı yaşlı, çalsaç kişi dilləndi.
– Uşaqlar, qaraçılar elə bilirlər ki, biz onları güdürük, – Dik pıçıldadı. – Görəsən, burada nə yeyib-içirlər? Yaxınlıqda dükan-filan da gözə dəymir. Yəqin, bütün ərzağı özləri ilə daşıyırlar.
– İndi soruşub öyrənərik, – qaraçıların narazı baxışlarından qətiyyən çəkinməyən Henri bunu deyib onlara yaxınlaşdı.
– Burda nə ilə dolanırsınız? Suyu haradan alırsınız? – qız soruşdu.
– Yeməyimizi özümüzlə daşıyırıq, – qaraçı başı ilə alaçığı göstərib dedi. – O ki qaldı suya, bulaqların yerini bilirik.
– Köçünüz bu çöldə çox qalacaq? – Henri bir də xəbər aldı.
– Bunun sənə dəxli yoxdur, – çalsaç qoca qızın üstünə qışqırdı. – Bizdən əl çəkin! Atınızı sürüb buradan gedin!
– Gedək, Henri, – Culian atının başını çevirib dilləndi. – Bizim sual verməyimiz onların xoşuna gəlmir. Yəqin, elə bilirlər ki, bütün bunları, sadəcə, maraq xatirinə soruşmuruq, məqsədimiz onları güdməkdir.
Bu vaxt alaçıqlardan qaragözlü, qıvrımsaçlı uşaqlar başlarını çıxarıb onlara baxmağa başladılar. Ancaq Henri uşaqlara yaxınlaşmaq istəyəndə onlar ürkək dovşanlar kimi qaçıb yoxa çıxdılar.
– Yaman adamayovuşmazdırlar, – Henri Culiangilin yanına qayıdıb dedi. – Qaraçıların qəribə həyat tərzi var, bütün həyatları araba təkərlərinin üstündə keçir, həmişə yoldadırlar, heç yerdə özlərinə daimi məskən salmırlar. Yaxşı, gedək, Sultan!
Sultan Henrinin atının adı idi. Heyvan itaətlə digər atların arxasınca addımlamağa başladı.
Bir azdan qaraçıların alaçıqları gözdən itdi. Culian gəldikləri yolu yadda saxlamağa çalışırdı, çünki azmaqdan qorxurdu. Tez-tez əlindəki kompasa baxırdı.
Beləcə, uşaqlar bütün günü çölü gəzib-dolaşdılar, nahar etdilər. Missis Conson onların çantasına o qədər dadlı yeməklər qoymuşdu ki! Buterbrodlar, suda bişmiş yumurta, salat, kolbasa, albalı piroqu, iri və sulu armudlar… Təsadüfən tapdıqları bulağın buzlu suyundan ləzzətlə içdilər.
Nəhayət, Culian saata baxıb dedi:
– Çox uzaqlaşmışıq, indi geri qayıtmağa başlasaq, günbatana kimi evə güclə gedib çatarıq.
Uşaqlar onunla razılaşıb atlarının başını evə tərəf çevirdilər. Ancaq bir qədər gedəndən sonra Dik atını əyləyib qardaşına dedi:
– Culian, sən evə tərəf getdiyimizə əminsən? Məncə, buradakı xam torpaqlar gəldiyimiz yoldakından fərqlidir; qumu çoxdur, ardıc kolları isə daha seyrəkdir.
Xam Torpaqlarda mənzərə eyni olduğundan yolu başqa heç nə ilə ayırd etmək mümkün deyildi.
Culian da atını saxlayıb ətrafa diqqətlə nəzər salmağa başladı.
– Hə, elədir, – oğlan dilləndi, – bura bir qədər fərqli təsir bağışlayır, ancaq, deyəsən, istiqamətimiz düzdür. Gəlin bir az da irəliləyək. Heç olmasa, üfüqdə istiqaməti müəyyənləşdirmək üçün nəsə olsaydı… Amma bu düzənlikdə hər yer eynidir.
Onlar istiqaməti dəyişmədən yollarına davam etdilər. Birdən Henri qəfil dayanıb dedi:
– Ora baxın! O nədir elə?
Uşaqlar atdan yerə hoppanıb əyilərək otların arasında nəsə axtaran Henrinin yanına tələsdilər.
– Culian, bir bax, relsə oxşayır, – qız dilləndi. – Ancaq çox köhnəlib, həm də paslanıb. Burada dəmiryol relsi nə gəzir axı?
Uşaqlar hamısı otların arasındakı torpağı əlləri ilə qazmağa başladı.
– Hə, dəqiq relsdir! – Culian dilləndi. – Doğrudan da, burada dəmir yolu nəyə lazımdır axı?
– Mən də bilmirəm, – Henri dedi, – təsadüfən gözümə sataşdı. Hətta əvvəl gözlərimə inanmadım.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289664) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Boyskaut – hərbi qaydalara əsaslanan yeniyetmə təşkilatının üzvü

2
Mehtər – ata qulluq edən, atabaxan

3
Qalife – aşağısı dar, yuxarısı isə yanlardan enli hərbi şalvar. İlk dəfə belə şalvarı Fransa generalı Q.Qalife geyindiyi üçün söz onun adı ilə bağlı yaranıb.

4
Qaşovlamaq – dəmirdən düzəldilmiş darağa bənzər dişli alətin köməyi ilə heyvanın dərisini təmizləmək

5
Alaçıq – çubuqdan qurulub üstü keçə ilə örtülən köçəri mənzili; çadır
Qaraçı köçünün sirri Энид Блайтон
Qaraçı köçünün sirri

Энид Блайтон

Тип: электронная книга

Жанр: Книги для подростков

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Qaraçı köçünün sirri, электронная книга автора Энид Блайтон на азербайджанском языке, в жанре книги для подростков

  • Добавить отзыв