Molla Nəsrəddin lətifələri
Müəllif kollektivi
Folklor
“Altun Kitab”ın bu nəşrində qədimdən bugünkü dövrümüzə qədər gəlib çatan Molla Nəsrəddin haqqında lətifələr verilmişdir.
Molla Nəsrəddin lətifələri
Yaxın Şərqdə, eləcə də Azərbaycanda iki şəxsiyyətin adı ilə bağlı lətifələr çox məşhurdur. Onlardan biri ərəb xəlifəsi Harun ər-Rəşidin qardaşı kimi qələmə verilən Bəhlul Danəndə, digəri isə Azərbaycanda molla, bir çox başqa ölkələrdə isə xacə və ya xoca titulu daşıyan Nəsrəddindir.
Molla Nəsrəddinlə bağlı lətifələr nəinki Şərqdə, hətta Rusiyada və Avropada geniş yayılmış, bu lətifələrin külliyyatları dəfələrlə nəşr olunmuşdur.
Çox güman ki, tarixdə Nəsrəddin adlı ağıllı, hazırcavab, dərin yumoru ilə seçilən bir şəxs olmuşdur və bu lətifələrdən bir çoxunu ilk dəfə o söyləmiş və ya bu məzəli əhvalatların qəhrəmanı olmuşdur. Lakin bu şəxsin harada, nə vaxt yaşaması barədə dəqiq bir məlumat yoxdur. Bir sıra folklorşünaslar Molla Nəsrəddinin prototipinin XIII əsrdə yaşayıb- yaratmış böyük Azərbaycan alimi Nəsirəddin Tusi olduğunu iddia edirlər. Doğrudan da, Tusi "xacə" və "mövlana" titulları daşımışdır. Bundan başqa, onun məşhur "Əxlaqi-Nasiri" əsərində lətifələr var ki, bu da onun yumora meyil etdiyindən xəbər verir. Nəsirəddin Tusinin hökmdarlarla münasibətləri heç də rəvan olmamışdır. Ən nəhayət, Molla Nəsrəddin lətifələrindən birində onun digər adının Həsən olduğuna işarə var. Məlumdur ki, Nəsirəddin Tusinin əsl adı Məhəmməd ibn Həsən olmuşdur.
Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, Molla Nəsrəddin lətifələrinin bir çoxunda Teymurləng obrazı iştirak edir. Əmir Teymur isə Nəsirəddin Tusidən təxminən yüz il sonra yaşamışdır. Lakin bu lətifələr artıq xalq yaradıcılığının məhsulu da ola bilərdi…
Molla Nəsrəddin lətifələrində hakimlərin ədalətsizliyi, ikiüzlülük, yaltaqlıq, acgözlük, nadanlıq kimi xüsusiyyətlər incə yumorla məsxərəyə qoyulur.
“Altun kitab”
MOLLA NƏSRƏDDİN və TEYMURLƏNG
GÖYƏ NİYƏ DIRMAŞMISAN?
Molla Nəsrəddinin Teymurlənglə ilk görüşünü belə danışırlar.
Teymur Mollanı saraya çağırtdırır. Molla içəri girib görür ki, otaq adamla doludur. Amma hamı dövrə vurub yerdə oturub, təkcə Teymur əyləşib uca bir taxtın üstündə. Tez baş əyib deyir:
– Salaməleyküm, ya Allah!
Teymur deyir:
– Mən Allah deyiləm, ay kişi! Mən…
Molla onun sözünü ağzında qoyub deyir:
– Qurban olum sənə, ya cənab Cəbrayıl!
Teymur deyir:
– A kişi, nə danışırsan? Mən niyə Cəbrayıl oluram?
Molla deyir:
– Başa düşmürəm, indi ki nə Allahsan, nə də mələk, düş, adam kimi otur adamların içində də, daha göyə niyə dırmaşmısan?
GÖR BƏDSUYUM KİMDİR?
Molla Nəsrəddinlə Teymurləngin birinci görüşünü belə də danışırlar.
Molla sir-sifətdən bir az kifir imiş. Günlərin birində səhər tezdən Teymur öz adamları ilə şikara gedirmiş. Yolda Molla Nəsrəddin bunların qabağına çıxır. Teymur onu görən kimi qəzəblənib deyir:
– Bu adamın çox pis bədsuyum sir-sifəti var. Səhər tezdən ki qabağımıza çıxdı, şikarımız yaxşı olmayacaq. Tutun bunu, basın dama!
Yazıq Mollanı o saat tutub göndərirlər zindana. Təsadüfən o gün Teymurun şikarı çox yaxşı keçir. Qayıdanda Mollanı zindandan çıxartdırıb yanına gətirtdirir. Deyir:
– Kişi, mən fikirləşdim ki, bu bədsuyum sir-sifətlə ki sən bizə rast gəldin, şikarımız yaxşı keçməyəcək. Amma əksinə, çox yaxşı keçdi. Odur ki rəhm eləyib səni azad eləyirəm.
Molla deyir:
– Məni heç bir günahım olmadığı halda tutmuşdunuz, indi də azad eləyirsiniz… Sağ olun! Mərhəmətiniz artıq olsun! Ancaq xahiş eləyirəm mənim bircə sualıma cavab verəsiniz.
Teymur deyir:
– Ver sualını!
Molla deyir:
– Siz səhər məni pis adam, bədsuyum adam hesab eləyib zindana saldırdınız. Halbuki elə mənə rast gəldiyinizə görə işiniz də rast gətirdi. Şikarınız həmişəkindən yaxşı keçdi. Mən də səhər tezdən gedirdim ki, bir çörəkpulu qazanam, bu gün külfətimi dolandıram. Sizə rast gəldiyim üçün işim tutmadı. Zindana salındım. Mən orada ac qaldım, külfətim də evdə. İndi özünüz insafla deyin: mən bədsuyum adamam, ya siz?
BİR ARŞIN SAQQAL, BEŞ YÜZ PUD TAXIL
Molla Nəsrəddinin balaca bir əkin yeri var imiş. O hər il bu yerdə buğda əkər, əlli-altmış pud məhsul götürüb külfətini dolandırarmış. Teymurləng hakimiyyət başına keçəndən sonra vergilər birə-beş artır. Kəndxudalar istədiklərini eləyib camaatın başına oyun açırlar. Növbə Mollaya da gəlib çatır, kəndxuda tutur yaxasından ki:
– Sənin bu il beş yüz pud taxılın olub. Gərək o haqq-hesabdan da vergi verəsən.
– Canım, vallah, mənim vur-tut əlli pud taxılım olub…
Kəndxuda dediyindən əl çəkmir. Axırda Molla əlacsız qalıb şəhərə, Teymurun yanına şikayətə gedir.
Teymur Mollanın şikayətinə qulaq asandan sonra qışqırır ki:
– Utanmırsan, bu bir arşın saqqal ilə yalan danışırsan?
Molla heç bir söz deməyib qalxır, qapıya tərəf yönəlir ki, çıxıb getsin, Teymur soruşur:
– Nə oldu? Haraya getdin?
Molla deyir:
– Kəndxudada günah yox imiş, qibleyi-aləm! Padşah mənim bir tutam saqqalımı bir arşın görəndə onun kəndxudası da əlli pud taxılımı beş yüz pud görər də…
QORXULU DİLƏNÇİ
Teymurləng Molla Nəsrəddinə əmr eləyir ki:
– Şəhər dolub dilənçi ilə. Özləri də elə üzlü, elə həyasız olublar ki, tutduqlarını buraxmırlar. Kağız-qələm götürüb o həyasızların siyahısını tutarsan, şəhərdən sürgün eləyəcəyəm.
Molla kağız-qələm götürüb Teymurun öz adını birinci yazır, özünə verir. Teymur kağıza baxan kimi dəli olur. Molla deyir:
– Niyə hirslənirsən, qibleyi-aləm! Özün dedin ki, lap həyasız dilənçilərin adını yazıb sənə verim. Mən də yazdım də…
Teymur deyir:
– A kişi, mən boyda Teymurləng dilənçiyəm? Özü də lap həyasızı?
Molla deyir:
– Niyə hirslənirsən, qibleyi-aləm!? Cidanı çuvalda gizlətmək olmaz. Dilənçisən, özü də lap həyasızından.
Teymur deyir:
– Demək, sənin fikrincə, gərək mən şəhərdən sürgün olunam?
Molla deyir:
– Bəli, qibleyi-aləm! O biri dilənçilər sənin kimi qorxulu deyillər. Onlar camaatdan yalvarıb-yaxarıb alırlar. Amma sən döyüb-söyüb alırsan.
TEYMURLƏNGSƏN Kİ, VARSAN
Günün birində Teymurləng Mollaya deyir:
– Molla, bu gün keyfim çox sazdır. Sənə bir şey bağışlamaq istəyirəm. Amma bilmirəm nə bağışlayım ki, öz ürəyindən olsun.
Molla deyir:
– Qibleyi-aləm sağ olsun, elə sən hər nə bağışlasan, mənim ürəyimdən olar.
Teymur deyir:
– Onda qoy mən bir-bir sayım, sən özün seç! Ya on qızıl, ya bir at, ya bir sürü qoyun, ya da bir bağ. Hansını istəyirsən?
Molla deyir:
– Əgər mənim ürəyimi soruşursansa, mən istəyirəm sən sübut eləyəsən ki, doğrudan da, ədalətli bir şahsan.
Teymur deyir:
– Necə?
Molla deyir:
– Əgər mən on qızılı cibimə qoyub ata minsəm, qoyunları qabağıma salıb bağa getsəm, sən sübut eləmiş olarsan ki, ədalətli şahsan.
Teymur deyir:
– İştahan pis deyil. Əgər heç birisini verməsəm?
Molla deyir:
– Heç bir şey. Sübut eləmiş olarsan ki, elə Teymurləngsən ki, varsan.
TEYMURUN SUALI
Teymurləng bir gün Mollaya deyir:
– Molla, sənə bir hikmətli sual vermək istəyirəm. De görüm, o nədi ki, bu dünyada nə yetişib, nə yetişir, nə də yetişəcək?
Molla deyir:
– Bizi işə götürəndə sənin bizə təyin elədiyin maaş.
SƏNİ POZARAM, ÖZÜMÜ YAZARAM
Yenə də günün birində Teymurləng Mollaya əmr eləyir ki, sarayda olan axmaqların siyahısını tutub ona versin. Molla Teymurun fikrini başa düşür. Bilir ki, o, adları axmaqlar siyahısına düşmüş əyanları ələ salıb oynatmaq, bununla da əylənmək istəyir. Molla bunu da başa düşür ki, sonra bu əyanların hamısı ona düşmən olacaq. Çox fikir-xəyaldan, götür-qoydan sonra böyük bir kağız götürüb başında yazır: "Teymur sarayındakı axmaqlar".
Varağın ortasında da iri xətlə bircə Teymurun öz adını yazıb ona verir.
Teymur axmaqlar siyahısında təkcə öz adını görcək dəli olur. Cin vurur təpəsinə. Soruşur:
– Bu nədir?
Molla deyir:
– Axmaqların siyahısıdır.
Teymur deyir:
– Demək, sənin fikrincə, bu sarayda bircə axmaq var, o da mənəm?
Molla deyir:
– Bəli, qibleyi-aləm! Səndən axmağını tapa bilmədim.
Teymur dəli kimi qışqırıb soruşur:
– Sən nə ilə sübut eləyə bilərsən ki, mən axmağam.
Molla deyir:
– Qibleyi-aləm sağ olsun! Sən özün mənə tapşırdın ki, saraydakı axmaqların siyahısını tutum. Demək, sən özün bilirsən ki, buraya yığılan vəzir-vüzəranın, vəkil-vükəlanın hamısı da olmasa, çoxu axmaqdır. İndi ki sən özün bunların axmaq olduqlarını bilə-bilə bu saraya yığmısan, özlərini də belə hörmət-izzətlə saxlayırsan, demək, ən böyük axmaq elə sən özünsən də…
Teymur baxır ki, Molla yaman yerdən tutub, sözünün qabağında söz deyə bilməyəcək. Bir az fikirləşib deyir:
– Yaxşı, əgər mən sənə sübut eləsəm ki, bunların heç birisi axmaq deyil, hamısı ağıllı adamlardırlar onda necə?
Molla deyir:
– Onda elə yenə də siyahıda bircə sənin adın qalacaq.
Teymur soruşur:
– Niyə?
Molla deyir:
– Ona görə ki, axmaqların siyahısını tutmağı sən mənə əmr eləmisən. Əgər sübut olunsa ki, sarayda axmaq yoxdur, olanların hamısı ağıllıdır, onda, demək, əsl axmaq sənsən ki, ağıllı adamları axmaq hesab eləyirsən.
Teymur görür yenə də tutmadı. Lap dəli olur. Deyir:
– İndi mən sübut edəcəyəm ki, bu sarayda bircə axmaq var, o da sənsən, onda?
Molla deyir:
– Yenə də siyahıda sənin adın qalacaq.
Teymur soruşur:
– O niyə?
Molla deyir:
– Ona görə ki, ağıllı adam axmaqların siyahısını tutmağı axmağa tapşırmaz.
Teymur deyir:
– İndi mən cəlladı çağırıb sənin o dilini dibindən kəsdirsəm necə?
Molla deyir:
– Onda siyahıdan sənin adını pozub öz adımı yazaram ki, bir də heç kəs axmaqlıq eləyib sənə sözün düzünü deməsin.
CÜCƏLƏRİM DANIŞIR
Molla Nəsrəddin şəhərin bütün mollalarını təngə gətirmişdi. Axırda mollalar yığışıb onun əlindən Teymurləngə şikayət edirlər. Molla baxır ki, bu işin axırı yaxşı olmayacaq. Çox götür-qoydan sonra özünü verir vəzirin yanına, yanı cücəli bir toyuq da rüşvət aparır ki, onu Teymurləngin hüzurunda müdafiə eləsin.
Sabahısı gün şikayət edən mollalar və Molla Nəsrəddin Teymurləngin əmri ilə hüzura gəlirlər. Mollalar şikayətlərini eləyirlər, qurtarandan sonra vəzir irəli yeriyib Molla Nəsrəddini Teymura tərifləməyə başlayır. Teymurləng vəzirə də qulaq asandan sonra üzünü Molla Nəsrəddinə tutub deyir:
– Yaxşı, de görüm, sən öz günahsızlığın barədə nə danışacaqsan?
Molla cavab verir:
– Şah sağ olsun! Mənim danışmağıma ehtiyac yoxdur, mənim toyuğum cücələri ilə bərabər lazımi qədər mənim xeyrimə danışdı.
BADIMCAN MƏSƏLƏSİ
Bir gün Molla Teymurlənglə bir süfrədə əyləşib xörək yeyirmiş. Ortalığa badımcan boranısı gətirirlər. Teymur Mollanı sınamaq məqsədi ilə deyir:
– Dünyada mənim ən çox sevdiyim şey badımcandır.
Molla Nəsrəddin deyir:
– Mənim də, qibleyi-aləm!
Bir az keçəndən sonra Teymur deyir:
– Amma xörəyi o qədər də yeməli olmur. İllərlə badımcan xörəyi yeməsəm, heç yadıma düşməz.
Molla Nəsrəddin deyir:
– Mənim də, qibleyi-aləm!
Bir azdan Teymur deyir:
– Bu badımcanı yeyəndən sonra həmişə mənim ürəyim döyünür, başım ağrıyır.
Molla Nəsrəddin deyir:
– Mənim də, qibleyi-aləm!
Teymur deyir:
– Amma burası var ki, zəhrimar çox qüvvətli, çox da mənfəətli şeydir. Yeyən kimi elə bil ki, gözlərimin işığı artır.
Molla deyir:
– Mənim də, qibleyi-aləm!
Naharın sonunda Teymur aşpazı çağırıb deyir:
– Bir də süfrəyə badımcan qoysanız, dərinizi badımcan kimi soyduracağam. Bir dəfə bilin ki, mənim badımcandan zəhləm gedir.
Molla tez yediyi badımcan boranısını itələyib deyir:
– Mənim də, qibleyi-aləm, görməyə gözüm yoxdur.
Teymur deyir:
– Ay Molla, sən nə qəribə adamsan?! Mən bu yazıq badımcan haqqında bu gün nə dedimsə, sən təsdiq elədin. Dedim xoşuma gəlir, dedin mənim də. Dedim xoşuma gəlmir, dedin mənim də. Bu necə olan şeydi?
Molla deyir:
– Bu çox aydın məsələdi, qibleyi-aləm. Gərək elə belə də ola. Çünki mən səndən donluq alıb sənə qulluq eləyirəm, badımcana qulluq eləmirəm ki…
ÜZR BƏDTƏR ƏZ GÜNAH
Bir gün Teymurləng Molladan soruşur ki:
– Molla, üzr bədtər əz günah nə deməkdi?
Molla deyir:
– Qibleyi-aləm sağ olsun! Bu, fars sözüdü. Mənası budur ki, üzrü günahından pis.
Teymur deyir:
– Başa düşmürəm, necə yəni üzrü günahından pis?
Molla deyir:
– Yəni adam bir pis iş görür, sonra üzr istəyir. Ancaq elə üzr istəyir ki, görmüş olduğu işdən də pis olur.
Teymur yenə də başa düşmür. Molla nə qədər əlləşirsə, Teymuru başa sala bilmir. Axırda Teymur hirslənib deyir:
– A kişi, sən nə yaman axmaq adam imişsən. Bir söz nədir ki, sən onu mənə başa sala bilmirsən. Bax sənə yüzü sayınca möhlət verirəm. Başa saldın, salmısan, salmadın, boynunu vurduracağam.
Molla heç bir söz deməyib Teymura yaxınlaşır. Onun böyründən möhkəm bir çimdik götürür. Teymurun bağırtısı göyə qalxır. Hirslə dönür ki:
– Dəli olmamısan ki? Nə qayırırsan?
Molla baş əyib deyir:
– Üzr istəyirəm, qibleyi-aləm sağ olsun! Elə bildim ki, evimizdəyəm, sən də bizim arvadsan.
Teymur qışqırır ki:
– Nə danışırsan?
Molla deyir:
– Hirslənmə, qibleyi-aləm! Üzr bədtər əz günah bax budur!
YALAN DEYİBLƏR
Teymurləngə xəbər verirlər ki, Molla Nəsrəddin bir məclisdə onun zülmkarlığından danışırmış. Teymur hirslənib Mollanı hüzuruna çağırır ki:
– Bu nədir? Yoxsa başın bədəninə ağırlıq eləyir? Deyirlər məclislərdə mənim zülmkarlığımdan danışırsan.
Molla deyir:
– Qibleyi-aləm sağ olsun! Sən özün bilirsən ki, mən həmişə elə söz deyirəm ki, qəribə olsun, təzə olsun, heç kəsin eşitmədiyi, bilmədiyi, danışmadığı olsun. Xoruz səsi eşitməmiş söz olsun. Sənin zülmkarlığın, hamının bildiyi, danışdığı köhnə şeydir. Burada nə qəribəlik var ki, mən də danışam? Sənə yalan deyiblər.
BELİMƏ BAĞLASINLAR
Deyirlər ki, Teymurləng Mollanın nə dərəcədə cəsarətli olduğunu yoxlamaq üçün cəlladlara əmr edir:
– Bu saat bunu boğazından asarsınız!
Cəlladlar Mollanı qarmalayıb götürürlər. Molla heç bir söz demir. Qapıdan çıxdıqları vaxt Teymur soruşur:
– Axır dəqiqələrindir, Molla. Vəsiyyətin varsa, elə!
Molla deyir:
– Vəsiyyətim yoxdur. Ancaq balaca bir xahişim var.
Teymur deyir:
– De!
Molla deyir:
– Mənim boğazımdan yaman qıdığım tutur. Xahiş eləyirəm, əmr eləyəsiniz kəndiri boğazıma yox, belimə bağlasınlar.
SONRA GÖZÜM ÜSTƏ
Bir gün Teymurləng Molladan soruşur:
– De görüm, məni nə qədər istəyirsən?
Molla deyir:
– Mən Molla Nəsrəddinəm, sən də qibleyi-aləm Teymur. Demək ki, mən səni o qədər istəyirəm, nə qədər ki Molla Nəsrəddin Teymuru istəyə bilər.
Teymur deyir:
– Yaxşı, mənim xatirim üçün ölümə gedərsənmi? Molla:
– Özüm gedə bilməsəm də, cəlladlar kömək eləyərlər.
Teymur:
– Məsələn, əgər mən əmr eləsəm, bu saat özünü dənizə atarsanmı?
Molla bu sözü eşitcək durur ayağa. Teymur soruşur:
– Haraya?
Molla cavab verir:
– Qibleyi-aləm sağ olsun! Sənin yolunda dənizə atılıb boğulmaq mənim üçün şərəfdir. Ancaq icazə ver, qabaqca gedib üzməyi öyrənim, sonra gözüm üstə!
BƏS NƏ VAXT ELƏSİNLƏR?
Deyilənlərə görə, bir dəfə Molla Nəsrəddini öz yaşadığı şəhərə hakim təyin eləyirlər. Elə Molla işə başlayandan iki gün sonra qaraullar iki nəfər oğru tutub onun yanına gətirirlər. Oğruların biri gecə, biri də gündüz oğurluq etdikdə tutulmuş imiş. Molla işi yoxlayıb gündüz oğurluq eləyəni həbsə alır, gecə oğurluq eləyəni azad edir.
Azad edilmiş oğrunun yardığı evin sahibi Mollanın əlindən Teymurləngə ərizə yazıb işi düz aparmadığından şikayət edir. Teymur Mollaya əmr göndərir ki: "Gecə filankəsin evini yarmış filan oğrunu tutub cəza verərsən!"
Molla əmri alıb oxuyur, öz-özünə fikirləşir ki, yəqin, qanunlar dəyişib, mənim xəbərim yoxdur. Bu oğrunu tutub həbs eləyir, gündüz oğurluq edəni isə azad edir, oğurladığı şeyləri də ev sahibindən alıb ona qaytarır. Bu dəfə də bu ev sahibi Teymurləngə şikayət edir. Teymur hirslənib Mollanı hüzuruna çağırıb deyir:
– Sən nə eləyirsən? Bu oğrunu niyə azad eləyibsən?
Molla deyir:
– Sənin əmrinə görə.
Teymur hirslənir ki:
– Necə mənim əmrimə görə? Mən nə vaxt yazmışam ki, onu azad eləyəsən?
Molla deyir:
– Qibleyi-aləm sağ olsun! Bu oğruların biri gecə ev yarıb, biri gündüz. Ata-babadan biz görmüşük ki, oğurluğu gecə eləyərlər, gündüz eləməzlər. Ona görə də mən o gündüz oğurluq eləyəni qanuna və adətə uyğun olmadığına görə həbsə alıb gecə oğurluq eləyəni azad eləmişdim. Sonra sizin imzanızla bir əmr aldım ki, gecə oğurluq eləyən adamı həbsə almaq lazımdır. Ona görə mən də dedim ki, yəqin, qanunlar dəyişib, gecə oğrusunu təzədən həbs eləyib gündüz oğrusunu azad elədim.
Teymur hirslənir ki:
– Bu saat gedib onu da tutarsan.
Molla deyir:
– Qurbanın olum, axı bu, ədalətsizlikdir. Yaxşı, bu yazıqlar gecə oğurluq eləməsinlər, gündüz eləməsinlər, bəs nə vaxt eləsinlər?
ƏDALƏTİNDƏN DANIŞIRAM
Günlərin birində Teymurləng böyük bir qonaqlıq verir. Molla da bu qonaqlıqda iştirak edir. Teymur görür ki, Molla bir nəfərlə çox şirin söhbətlə məşğuldur. Onu utandırmaq məqsədilə yanına gələrək deyir:
– Yenə, kim bilir, yalandan nə basıb-bağlayırsan?..
Molla heç özünü sındırmadan baş əyib deyir:
– Nə eləyim, qibleyi-aləm sağ olsun. Yalansız keçinmək olmur. Sizin ədalətinizdən danışıram.
DÖRDQIÇLI OLARDIN
Günlərin birində bir nəfər Teymurləngə bir qaz gətirir. Teymur Mollaya tapşırır ki, qazı bişirtdirsin. Aşpaz qazı qızardır. Molla qazı Teymur üçün aparanda nəfsini saxlaya bilməyib bir budunu özü yeyir. Teymur baxır ki, qazın bir budu yoxdur. Üzünü Mollaya tutub soruşur:
– Molla, bəs bu qazın bir qıçı hanı?
Molla halını dəyişməyib cavab verir:
– Necə yəni bir qıçı hanı? Qaz birqıçlı olar də…
Teymur hirslənir ki:
– Nə sarsaq-sarsaq danışırsan? Necə yəni qaz birqıçlı olar?
Molla:
Başın üçün, qaz birqıçlı olar, – deyib Teymuru inandırmağa çalışır.
Teymur Mollanın bu hərəkətindən bərk qəzəblənir. Molla görür iş şuluqdur. Birdən gözü sataşır pəncərəyə. Baxır ki, çayın kənarında bir dəstə çöl qazı var, hamısı da birqıçlı durub, özlərini günə verirlər. Tez üzünü Teymura tutub deyir:
– Sən elə salmısan padşahlığına, nıx dediyini deyirsən. Odu ha… Bax o qazlara, gör hamısı birqıçlıdı, ya yox?
Teymur lap hirslənir, əlini atıb yay-oxunu götürür, elə pəncərədən qazların topasına bir ox atır. Qazlar qaçmağa başlayır. Teymur deyir:
– Hanı? Bir bax, gör, birqıçlıdılar, ya ikiqıçlı?
Molla heç halını pozmayıb deyir:
– O oxu ki sən onlara atdın, mən sənə atsaydım, ikiqıçlı nədir ki, lap dördqıçlı olardın.
ƏDALƏTİNDƏN DANIŞSINLAR
Teymurləng bir gün Molla Nəsrəddini qorxutmaq və utandırmaq məqsədilə saray adamlarının içində birdən-birə üzünü ona tutub hirsli-hirsli deyir:
– Aldığım məlumata görə, dünən bir məclisdə camaat məni tərifləyirmiş, mənim ədalətli bir padşah olduğum barədə danışırmışlar. Sən də orada imişsən. Mənim yaxşılığım barədə heç bir söz deməyibsən.
Molla heç halını pozmadan cavab verir:
– Xeyr, qibleyi-aləm sağ olsun! Yalan sözdür. Mən nəinki dünən, hətta bütün ömrümdə heç elə bir məclisdə olmamışam ki, orada sənin ədalətindən danışsınlar.
DƏVƏDƏN BÖYÜK OLMAZ
Bir gün bir məclisdə Teymurləngin böyüklüyündən söhbət düşür. Məclisə yığılmış adamlar onun qüvvəsindən, gücündən danışıb tərifləyirlər. Axırda şəhərin hakimi deyir:
– Teymur bu dünyaya gəlib-getmişlərin hamısından böyükdür.
Bu vaxta qədər bir tərəfdə oturmuş Molla söhbətə qarışıb deyir:
– Çox da basıb bağlamayın! Nə qədər böyük olsa, dəvədən böyük olmaz.
YA EŞŞƏK ÖLƏR, YA TEYMUR
Bir gün Teymurləngə bir eşşək bağışlayırlar. Teymur üzünü Mollaya tutub deyir:
– Molla, sənin eşşəkdən yaxşı başın çıxır. Bu eşşəyə bir qiymət ver.
Molla deyir:
– Qibleyi-aləm sağ olsun! Bu çox zəkalı heyvandır. Əgər bunu mənə versəniz, mən ona adam kimi danışmaq öyrədərəm.
Temur çox maraqlanıb deyir:
– Yaxşı, verirəm. Şərtini de!
Molla deyir:
– Gərək mənə beş il möhlət verəsən. Hər gündə bir qızıl verəsən.
Teymur razılaşır. Molla hesablayıb günə bir qızıldan beşillik maaşını Teymurdan alır, eşşəyin də noxtasından tutub gətirir evə. Arvad görür ki, Molla yenə bir eşşək gətirib. Soruşur:
– Ay kişi, bu nədir?
Molla deyir:
– Dinmə, arvad. Bu pulları al xərclə, görək başımıza nə gəlir? – Sonra əhvalatı arvada danışır.
Arvad deyir:
– A kişi, dəli deyilsən ki? Başına at təpməyib?.. Eşşək də danışar?..
Molla deyir:
– Arvad, mən elə bilirdim bircə Teymur sarsaqdır ki, mənim sözümə inanıb. Demə, elə sən də onun tayı imişsən. Əlbəttə, eşşək danışmaz.
Arvad hirslənir:
– Bəs indi ki danışmaz, niyə boynuna götürübsən?
Molla deyir:
– Qəribə sual verirsən? Görmürsən, bir anbar pul gətirmişəm?!
Arvad deyir:
– Yaxşı, bəs beş ildən sonra ki, vədə tamam olacaq, onda nə cavab verəcəksən?
Molla bir az fikirləşib deyir:
– Arvad, sarsaq olma, götür pulları, evə şey-mey al!.. Allah kərimdir. Beş ilə kimi ya eşşək ölər, ya Teymur. Elə ikisi də dünyanı tutub durmayacaq ki?..
MOLLA NƏSRƏDDİNİN OĞLU
Deyirlər ki, günlərin birində Teymur Mollanın oğlunu saraya gətirtdirir. Baxır ki, uşaq lap atasına oxşayır. Boy-buxunu, sir-sifəti, ağız-burnu lap Molla Nəsrəddindi ki, durub. Fikirləşir ki, görəsən, uşaq sözdə-söhbətdə də atasına çəkib, yayox? Çıxarıb ona bir qızıl bağışlayır. Mollanın oğlu qızılı əli ilə itələyir. Teymur soruşur:
– Niyə almırsan?
Uşaq deyir:
– Anamdan qorxuram. O mənə tapşırıb ki, küçədə tanımadığım əmilərdən pul almayım.
Teymur deyir:
– Ay sağ ol, ancaq mən ananın dediyi o küçələrdəki əmilərdən deyiləm. Mən padşaham.
Uşaq deyir:
– Mən görürəm ki, sən padşahsan. Ancaq anam inanmaz ki, sən padşahsan.
Teymur soruşur:
– Niyə inanmır?
Uşaq deyir:
– Ona görə inanmaz ki, padşah pul bağışlayanda bircə dənə bağışlamaz, çoxlu-çoxlu bağışlar.
MOLLA və CAVAN
Qış axşamlarından birində Molla məhəllədəki çayçı dükanına gedir. Fikir verib görür ki, dükanın küncündə bir cavan oğlan oturub, amma elədi, elədi ki, elə bil qəm dəryasına batıb. Molla maraqlanıb cavana yaxınlaşır, bir az ordan-burdan söhbət eləyəndən sonra soruşur:
– Qardaş, de görüm, sənə nə dərd üz verib ki, belə qəm dəryasına batmısan?
Cavan bir ah çəkib başlayır ki:
– Molla əmi, səndən ayıb olsa da, mən filan tacirin qızına aşiq olmuşam. Qız da məni sevir. İkimiz də bir- birimizə söz verib əhd-peyman bağlamışıq. O, dövlətli tacir qızıdı, amma mən, necə ki görürsən, yoxsul bir oğlanam. Çox götür-qoy eləyəndən sonra axırı dünən getdim tacirin yanına ki, bəs qızını ver mənə. Tacir bir altdan-yuxarı mənə baxıb dedi:
– Qızımı nə qədər sevdiyini gərək sübut eliyəsən. O da belə olar ki, gərək çayda buzu sındırıb girəsən soyuq suyun içinə. Ta səhərə qədər orada qalasan. Əyər bunu eləsən, onda qızı sənə verərəm.
Mən məhəbbətin gücündən "baş üstə" deyib oradan çıxdım. Gözlədim qaranlıq düşdü. Gəldim çayın kənarına. Buzu sındırıb boğazacan girdim soyuq suyun içinə. Qar yağırdı, külək vıyıldayırdı, bir soyuq var idi ki, day nə deyim. Düz sübhə qədər qaldım suyun içində. Elə ki səhər açıldı, sudan çıxdım, üz qoydum tacirin evinə. İçəriyə girib dedim: "Tacir, əl-əhdü minəl-vəfa. Mən şərti yerinə yetirdim, sən də vədinə əməl eylə". Tacir yenə də bir altdan-yuxarı mənə baxıb dedi:
– Yalan deyirsən. Sübut elə ki, sən, doğrudan da, səhərə qədər suda qalıbsan.
Mən and-aman eləyib dedim:
– Vallah, billah, qalmışam. Hətta o uzaq kəndlərin birində bir pəncərədə bir şam da yanırdı.
Tacir gülüb dedi:
– Demək, şərtimiz pozulub. Sən gözünlə işığa baxıb qızınıbsan.
Mən nə qədər elədim ki, "ay canım, iki ağaclıqdan da şam işığına baxmaqla adam qızına bilərmi?" – kar eləmədi ki, eləmədi. Mən işi hakimə verdim. Bilmirəm hakimlə gedib nə çuğullaşdı, nə çuğullaşmadı, hakim də onun dediklərini təsdiq eyləyib məni çıxardıb qovdu. İndi işim olub belə ahü-zar.
Molla əvvəldən axıra kimi diqqətlə qulaq asıb cavana deyir:
– Sabah axşam mənə qonaqsan. Gəlməmiş olma!
Molla durub oradan birbaş Teymurləngin hüzuruna gedir. Baş əyib deyir:
– Qibleyi-aləm, sabah axşam mənə qonaqsınız.
Oradan gedib həmən hakimi, həmən taciri də çağırır. Bəli, sabah olur. Teymur, hakim, tacir və başqa dəvət olunmuşlar gəlirlər. Molla bunları yaxşıca qəbul eləyir, əyləşdirir, özü haraya isə çıxıb gedir. Teymur ətrafa göz gəzdirib görür ki, nə ocaq yanır, nə qazan qaynayır. Qalır məəttəl ki, bu necə qonaqlıqdır… Qərəz, bir-iki saat gözləyirlər, Molla gəlmir. Axırda Teymur arvadı çağırıb soruşur:
– Ay bacı, bəs Molla hara getdi?
Arvad deyir:
– Bağçanın dibində sizin üçün plov bişirir.
Teymur qonaqları da götürüb gedir bağçanın dibinə. Baxır ki, Molla uca bir ağacın başından bir putluq qazan asıb, ağacın dibində də bir şam yandırıb, oturub gözləyir. Teymur soruşur:
– Molla, bu nədir? Burada nə qayırırsan?
Molla çox sakit deyir:
– Qibleyi-aləm sağ olsun! Su asmışam, gözləyirəm qaynasın, sizin üçün plov bişirim.
Teymur hirslənib deyir:
– Adə, sən özünü dolamısan, ya bizi? Buradan da oraya isti dəyib su qızar?
Molla ondan də bərk hirslənib deyir:
– Bəs iki ağaclıqda yanan şama baxmaqla da bədən qızar ki, sənin hakimin o hökmü çıxarıb?
Teymur soruşur: "bu nə məsələdir?" Molla əhvalatı danışır, Teymur qızı alıb oğlana verir.
MÜNƏCCİMLİK
Günün birində Teymurləng Mollaya deyir:
– Molla, saraya bir münəccim lazımdır, tapa bilmirik. Sənin əlindən munəccimlik gəlməz?
Molla deyir:
– Gələr, amma arvadla birlikdə.
Teymur soruşur:
– Bu nə deməkdi?
Molla deyir:
– Bizim arvadın sözü ilə mənim sözüm həmişə tərsinə olur; məsələn, mən axşam havaya baxıb deyəndə ki, sabah yağış yağacaq, arvad hökmən baxıb deyir yağmayacaq. Özü də sözü ki dedik, üstündə möhkəm dururuq. Öldü var, döndü yoxdur. O deyəndə ki, məsələn, bu il taxıl yaxşı gələcək, mən deyirəm gəlməyəcək. Neçə ildir ki, fikir vermişəm, həmişə ya onun dediyi olur, ya da mənim. Üçüncü cür olmur. Odur ki arvadla mən ikimiz bir münəccim ola bilərik.
BAŞ-GÖZ QALMAZDI
Molla bir gün bir qaba üç qoz qoyub Teymurləngə aparır. Yolda nəfsini saxlaya bilməyib qozların ikisini sındırıb yeyir, birini aparıb Teymura verir. Teymur bundan çox xoşlanıb Mollaya bəxşiş verir. Bir neçə vaxtdan sonra Molla yenə də Teymurdan bir şey qoparmaq məqsədilə bir pud çuğundur götürüb saraya gedir. Yolda dostlarından biri ona rast gəlib soruşur:
– Molla, hara belə? O nədir?
Molla deyir:
– Vallah hamı deyir ki, Teymurləng pis adamdı. Amma mən ondan yaxşılıqdan başqa bir şey görməmişəm. Keçən dəfə ona bir dənə qoz aparmışdım. Mənə filan qədər bəxşiş verdi. İndi bir pud çuğundur aparıram. Bilirəm, indi mənə o qədər bəxşiş verəcək ki, sayeyi mərhəmətində kasıblığın daşını atacağam.
Dostu Mollaya deyir:
– Kaş sən fikirləşən kimi olsun. Amma mən qorxuram tərsinə ola. Hər halda, mən dünyagörmüş adamam. Sən gəl ona çuğundur aparma. Heç olmazsa, əncir apar. Əncir nübardır.
Dostunun sözü Mollanın beyninə batır. Gedib var-yox pulunu verib bir səbət yaxşı əncir alır, aparır Teymura. Teymur əncirləri görcək əmr edir ki, hamısını Mollanın başına vursunlar. Fərraşlar əncirləri bir-bir Mollanın başına vururlar. Hər əncir dəyəndə Molla bir dəfə şükür eləyir. Axırda Teymur soruşur:
– Kişi nə şükr eləyirsən?
Molla deyir:
– Qibleyi-aləm sağ olsun! Mən sizə bir pud çuğundur gətirirdim. Yolda bir dostum rast gəlib əncir gətirməyi məsləhət gördü. İndi şükür eləyirəm ki, nə yaxşı o adam mənə rast gəldi. Yoxsa səbətdəki çuğundur olsaydı, sənin sayeyi-mərhəmətində məndə baş-göz qalmazdı.
MOLLA və ŞƏHƏR HAKİMİ
HAMINIZIN DƏRDİNİ ÇƏKİRƏM
Şəhərin hakimi Molla Nəsrəddinə özünün ən qorxulu düşməni kimi baxarmış. Bütün fikri-zikri bu imiş ki, bir fürsət tapıb Mollaya pislik eləsin. Amma hər nə hiylə qurarmışsa, Molla işin içindən elə məharətlə çıxarmış ki, hakim özü axmaq vəziyyətdə qalarmış.
Günlərin birində Mollanın eşşəyi ölür. Hadisə Mollaya o qədər təsir eləyir ki, kişinin yuxusu ərşə çəkilir. Nə dinir, nə danışır, elə dərd çəkir. Şəhərin hakimi məsələdən xəbərdar olur. Heç olmazsa, Mollaya sataşmaq üçün yaxşıca fürsət düşdüyünə sevinir. Adam göndərib Mollanı hüzuruna çağırtdırır. Salamdan sonra yalandan qaşqabağını sallayıb deyir:
– Bu nə bədbəxtlikdir, sənə üz verib, ay Molla!? Deyirlər, canından artıq istədiyin, özünə layiq bir eşşəyin var imiş, ölüb… Bəs bizim kimi dostlara niyə xəbər verməmisən?
Molla başa düşür ki, hakim onu təhqir eləmək məqsədilə çağırıb. Heç halını pozmayıb deyir:
– Siz haqlısınız, hakim ağa! Mən, doğrudan da, o eşşəyi çox istəyirdim. O mənə həm eşşək idi, həm at, həm də, sizdən yaxşı olmasın, gözəl bir dost idi. Yazıq elə birdən-birə azarladı, ömrünü bağışladı sizə.
Hakim baxır ki, Molla yenə də onu üstələdi. Yanına çağırmağına da peşman olur. Birtəhər başdan eləmək üçün deyir:
– Çox da fikir eləmə! Dünyanın vəfası budur. Hamımız o yolun yolçusuyuq da… Nə etmək olar ki?
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/raznoe-4340152/molla-n-sr-ddin-l-tif-l-ri-68289595/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.