Əfsanələr
Xalq yaradıcılığı (Folklor)
Folklor
Məktəbyaşlı uşaqlar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Altun Kitab”ın bu nəşrində şifahi xalq ədəbiyyatı növü olan əfsanələr verilmişdir.
Əfsanələr
ALDƏDƏ
Bağdadda ərəb xəlifəsinə belə bir xəbər çatır ki, odlar ölkəsində Aldədə adlı bir şəxs peyda olub. Bu şəxs möcüzələr yaradır, özü də odda yanmır.
Xəbər xəlifəni çox maraqlandırır, deyilənlərin doğruluğunu yəqin etmək üçün yanına üç adam çağırır:
– Elə bu gün odlar ölkəsinə yola düşün. Orada Aldədə adlı bir şəxs peyda olub. Gedib yoxlayın. Əgər doğrudan da möcüzələr çıxarırsa, ona toxunmayın. Yox, elə olmasa, onu məhv edin, yurdunda heç bir nəfər də salamat qoymayın.
Ərəblər Aldədəni Haça qaya deyilən yerin yaxınlığında tapırlar. Görürlər ki, geniş çöldə yalmanları qız hörükləri kimi hörülmüş at ilxısı otlayır, ilxıda iki dayçanın yalmanı hörülməyib. Onlar bunun sirrini hündür daş üstündə oturmuş Aldədədən soruşurlar. O deyir:
– Bu dayçalar Göysudan çıxıb, ilxıya özləri qarışıblar.
Xeyli söhbətdən sonra ərəblər hiss edirlər ki, qoca çox hikmətli adama oxşayır. Dünyanın əvvəlindən-axırından xəbər verir. Aldədəni yoxlamaq istəyirlər.
– Belkə, bir ocaq çatasan, yaman acmışıq.
Aldedə o saat qonaqların niyyətini başa düşür:
– Bilirəm nəyə gəlmisiniz, marağınız nədir, istəyiniz nədir, hamısını bilirəm.
Ərəblər təəccüblənirlər.
– Biz ki sənə hələ bir söz deməmişik.
– Bir kabab bişirim yeyək, sonra danışarıq.
Aldədə ayağa qalxıb ocaq çatır. Yaxındakı sürüdən bir quzu ayırıb kəsir. Quzunun qolunu, budunu, qabırğalarını çılpaq əlində közə tutub qızardır. Kabab bişir. Aldədənin əlinin tükü də qarsalanmır.
– Bu nə möcüzədir? – deyə ərəblər heyrətlə dillənirlər.
– Möcüzə yoxdur. Mən odlar diyarının övladıyam, od oğluyam. Od odu yandırmaz.
– Sən öz qaladığın oda yanmazsan, ancaq biz qaladığımızda əməlli-başlı bişərsən, heç külün də qalmaz, – deyə ərəblər onun möcüzəsinə şəkk edirlər.
Onlar bir qaragöz quzunu Aldədənin qucağına verirlər. Sonra da yurd yerindəki təndiri qalayırlar. Aldədəni alovu göyə dilimlənən təndirə salırlar, təndirin ağzını iri sal daşlarla örtürlər.
Ərəblər elə düşünürlər ki, Aldədə bu gecə təndirdə yanıb kül olacaq. Səhər onlar təndirin ağzını açanda gözlərinə inanmırlar. Aldədənin başının tükləri, bığlan qarlı-qırovlu idi, saqqalından buz salxımları sallanırdı, qucağındakı qaragöz quzu isə qıpqırmızı bişmişdi.
Ərəblər dedilər:
– Bu, əsl möcüzədir. Ey Aldədə, bizdən istəyin nədir?
Aldədə xəlifənin elçilərinə cəsarətlə cavab verdi:
– Sizdən heç nə istəməyəcəyəm, amma məndən də istəməyin, qoyun hərəninki özünün olsun.
– Başa düşmədik.
Aldədə yanındakı dörd ağac çubuğunu göstərib dedi:
– Bu ağacları dörd tərəfə atacağam, hara düşsə, o torpağa toxunmayın.
Ərəblər sevindilər ki, bir qocanın atdığı ağac o qədər də uzağa düşməz. Odur ki, dedilər: “Olsun”.
Aldədə birinci ağacı atdı, ağac göydə süzdü, görünməz oldu. Ərəblər soruşdular:
– Ağac hara düşdü?
– Savalan dağına, – deyə, Aldədə cavab verdi.
Aldədənin ikinci ağacı Şah dağına, üçüncü ağacı Alvız dağına, dördüncüsü Ağrı dağına düşdü. Ərəblər dedilər:
– Bu ki elə odlar ölkəsidir.
Aldədə gülümsündü:
– Xeyr, odlar ölkəsinin heç parası da deyil.
Ərəblər odlar ölkəsində elə bil oda düşdülər, alışıb yanmağa başladılar. Tələsik Aldədədən ayrılıb birbaş Bağdada üz tutdular.
***
Bir gecə Aldədə evə qayıtmadı, arvadı Mahpeykər onu çox gözlədi. Sonra körpə uşağını belinə sarıyıb ərini axtarmağa başladı.
Mahpeykər dağlara üz qoydu. Çox gəzdi, çox dolandı. Ancaq Aldədədən soraq tuta bilmədi. Belinə sarıdığı oğlu Mahpeykərin işini lap çətinə salırdı. Odur ki, qadın ciyərparasını kürəyindən açıb Qızıl qayanın dibində, xəlvət bir yerdə gizlədi. Dilində Aldədə, Haçaqaya dağına tərəf getdi. Ağçayın sahillərini gəzdi. Aldədəni dağlardan, daşlardan, çaylardan, otlardan, çiçəklərdən soruşdu, tapa bilmədi. O geri qayıdıb oğlunu gizlətdiyi Qızıl qayaya gəldi. Artıq səhər idi. Mahpeykər gözlərinə inanmadı. Uşağın sarığı yerdə idi, amma özü yox idi. Mahpeykərin bir dərdi iki oldu. Çox axtarandan sonra kor-peşman evə döndü. xeyli keçmiş Aldədə evə gəldi. Başına gəlmiş hal-qəzyəni danışdı. Mahpeykər də oğlunu itirdiyini, başına gələnləri nağıl etdi.
Həmin gündən Aldədənin, Mahpeykərin dərdi-kədəri artdı. Gözləri dağlarda, daşlarda qaldı.
Mahpeykər övlad həsrətinə dözə bilmirdi. Gecə-gündüz ağlayırdı. Axırda əlacsız qalıb Ağçaya üz tutdu. Ağçay yeddi ildən bir aşıb-daşırdı. Leysan yağışdan aşıb daşsa, ətrafında nə varsa, silib-süpürüb aparardı. Yox, elə ki, şimşək çaxdı, ildırım şaxıdı, çay süd kimi köpüklənərdi. Kim bu köpüklü sudan içsəydi, dizlərinə, qollarına güc, qəlbinə qürur gələrdi, bundan xeyir tapar, arzusuna qovuşardı.
Mahpeykər yenə də Ağçayın sahilinə çıxıb ondan ümid diləyirdi. Leysan yağışlar başladı. Ağçay aşdı-daşdı, sahilləri su aldı. Mahpeykər sellərin qurbanı oldu.
***
Aldədənin dərdi birə-min artmışdı. Bir tərəfdən yeganə oğlunun itməsi, o biri tərəfdən də Mahpeykərin ölümü onu rahat buraxmırdı. O, yeganə oğlunu axtarmağa, soraq etməyə başladı.
Aldədə belə bir xəbər eşitdi ki, Muradbəyli tərəflərdə bir boz qurd dağın başında oğlan uşağı üçün daşdan beşik düzəldib onu nəvazişlə böyüdür. Aldədə bu yerlərə səfər etdi. Çox böyük çətinliklə uşağı tutdu. Uşağın sol dabanındakı xaldan öz oğlu olduğunu bilib sevindi. O, uşağı götürüb Haçaqaya dağının ətəklərinə gəldi. Boz qurd onlardan ayrılmadı.
Aldədə istəyirdi ki, oğlunu boz qurddan aralasın, bir də fikirləşdi ki, axı boz qurd ona yaxşılıq edib, oğluna döşündən süd verib.
Bir gün Aldədə oğlu ilə söhbətə başladı:
– Oğlum, sənin vətənin odlar yurdu, anan Mahpeykər olub. Onu Ağçayın suları öz qoynuna alıb. Atan isə mən Aldədəyəm, möcüzəm odda yanmamaqdır. Deməli, sən qor oğlusan.
Uşaq qeyzlə:
– Yox, mən qor oğlu deyiləm, qurd oğluyam. Mənə boz qurd döşündən süd verib.
Aldədə biləklənən, kürəklənən, ürəklənən oğluna nələr danışmadı. Odlar diyarının xoş günlərinden, igidlərindən, nazlı-qəmzəli gözəllərindən, hikmətli, bərəkətli torpağından danışdı. Aldədə oğluna vətənin başına gələn fəlakətlərdən dərdli-dərdli söz açdı, onu eli, obası üçün qeyrətli oğul olmağa çağırdı.
Uşağın gözlərində ildırım çaxdı:
– Tapdalanan torpağımızın, oxlanan, qılınclanan igidlərimizin, al yanaqları solan analarımızın, bacılarımızın, nəğməli bulaqlarımızın, ətri solmuş güllərimizin, çiçəklərimizin qisasını düşməndə qoymaram. Odlar ölkəsinin atəşinə and içirəm ki, qoymaram.
– Vətəni qorumaq üçün vətəndən güc-qüvvət almalısan, oğul!
– Qollarımda kifayət qədər güc, qüvvə var. Qılınc vurmaq üçün bəs olar.
– Xeyr, oğul! Tək gücünlə sən düşmənin qabağında çox zəif olarsan. Əsl gücü, dözümü sənə vətən verəcək.
– Necə?
Aldədə sözünə davam edib dedi:
– Mənim ömrüm-günüm Haçaqaya dağının, Qızıl qayanın, Agçayın yan-yörəsində keçib. Sənə son vəsiyyətim budur: mən də qocalmışam, boz qurd da. Bizim dünyadan köçməyimizə az qalıb. Sənə bir sirr deyim: bu yerlərdə Ağçay çox sirlidir. O, yeddi ildən bir təlatümə gəlir. Elə ki gördün leysan yağdı, onda şərdir, ona yaxın düşmə. Anan Mahpeykər kimi seller səni aparar. Yox, gördün şimşək çaxdı, ildırım şaxıdı, onda xeyirdir. Ağçaya yaxınlaş, ağ köpüklü suyundan doyunca iç, bax, ilxıdan o Göysu atlarının balalarını da apar, qoy onlar da o sudan içsinlər. Onların da dizi, qolu, ürəyi qüvvətli olsun.
Yeddi il tamam idi. Qurdoğlu Göysu atlarının hərəsini bir qoluna bağlayıb, Ağçayın sahilinə gəldi. Xoşbəxtlikdən şimşək oynadı, ildırım çaxdı. Dünya qaranlıqlaşdı. Hər dəfə ildırım çaxanda Haçaqayanın zirvələri işıqlanırdı. Dağlar, daşlar, otlar, çiçəklər, sular sanki dilə gəlib deyirdi:
– Qurdoğlu, bax, o Aldədə, boz qurd, ana Mahpeykər bizi sənə tapşırıb. Bizi elə qoru ki, bu çəmənə düşmən ayağı dəyməsin, daşlarımızı düşmən atının nalı yaralamasın, ağ köpüklü sularımıza düşmən dodağı toxunmasın.
Göysu atlarının biri yuxarı tərəfdə, biri isə aşağıda, bir qədər lillənmiş sudan içdilər. Qurdoğlu Göysu atının birincisini mindi, lilli su içmiş atını da yedəyinə alıb, Aldədə yurduna tərəf üz qoydu. O hansı dağdan, çaydan keçirdisə qulağına bir səs gəlirdi:
– Qurdoğlu, bizi qoru, axı, bu yurdu sənə tapşırıblar.
Bu, vətən səsi, odlar diyarının sədası idi.
***
Bağdad xəlifəsi bərk qəzəblənmişdi. Yenə elçiləri çağırıb dedi:
– Minin ərəb atlarını. O yerlərdə gedib gizlənin. Aldədəni tutub əl-qolunu bağlayın. Nəbadə, onun başından bir tük əskik ola. O möcüzəli qocanı mən görməliyəm.
Ərəb elçiləri yenə də odlar ölkəsinə yola düşdülər.
Onlar neçə gün əziyyət çekdilər, daşda-qayada gizləndilər. Aldədənin oğlundan – kiminin Qoroğlu, kiminin qurdoğlu adlandırdığı igiddən bərk ehtiyat edirdilər. Nəhayət, günlərin birində Aldədəni xəlvətcə gecə ikən yatağından oğurladılar. Onlar qocanın əl-ayağını bağlayıb ata sarıdılar. Aldədə dedi:
– Məqsədiniz nədir? Məni hara aparırsınız?
Elçibaşı dedi:
– İndi sən bizim əlimizdəsən. Qabaqda görünən aşırımı aşıb asudəyə çıxacağıq. Səni xəlifəyə sağ-salamat çatdırıb əvəzində böyük ənamlar alacağıq.
Aldədə güldü:
– Qorxuram, zəhmətiniz hədər gedə.
– Qorxma, çətini bu aşırımı adlamaqdır.
– Elə mən də onu deyirəm.
Elçilər qocanın sözünə əhəmiyyət verməyərək atları mahmızladılar. Onlar dan yeri sökülənə kimi aşırımla vidalaşmaq istəyirdilər.
Ərəblər axşam aşırıma çatdılar. Səhər açılana kimi ha yol getdiler, heç aşırımın yarısına qalxa bilmədilər. Gündüz gizləndilər, gecə yenə yola başladılar. Aşırım qurtarmaq bilmirdi. Atlılar neçə gecə ayaq döydülər, bir nəticə hasil olmadı. Aşırım getdikcə uzanırdı. Daşlı yollarda ərəb atlarının nalları töküldü. Aldədənin atının nalına isə heç bir şey olmamışdı. Taqətdən düşən ərəblər əlacsız qalıb niyyətlərindən əl çəkdilər:
– Qoca, bu sirri bizə agah etsən, səni azad edəcəyik. Niyə bu alçaq dağı biz aşa bilmədik, niyə bizim atların nalı töküldü, sənin atının isə yox?
Aldədə dedi:
– Mən bunu əvvəlcədən sizə demişdim, siz məni yad ölkəyə apara bilməyəcəksiniz. Bu yerin adı "Naltökən"dir. Vaxtilə İsgəndər Zülqərneynin də qoşunu bu dağda ah-nalə çəkib, yunan atları da bu torpağa nallı gəlib nalsız gedib. Bu torpaq doğmaları da, yadları da yaxşı seçir. Aldədəni aparanlara yol versəydi, dağlar xəcalətindən əriyib suya dönərdi. Bizim torpaq yağıların niyyətini ayaqlarının səsindən bilir. Yad adamların nalını salır ki, atlıların ağlı başına gəlsin.
Ərəblər torpağı da özü kimi möcüzəli olan Aldədənin əl-ayağını açıb azad etdilər. Onlar məyus halda Bağdada üz tutdular.
***
Xəlifə qəzəbindən yerə-göyə sığmırdı. O bu dəfə odlar ölkəsinə böyük qoşun göndərdi. Qoşun başçılarına bərk-bərk tapşırdı:
– Aldədənin qüvvət aldığı bir sirr var. Bu sirr Qoroğludur – Aldədənin doğma balası. Qoroğlunu tapıb əl-ayağını sarıyın, əsir edib hüzuruma gətirin. Onda Aldədə öz ayaqları ilə gələr.
Xəlifənin qoşunu elə həmlə etdi ki, hər tərəfdən yol kəsildi, təkcə qarşıda əlçatmaz bir qaya ucalırdı.
Qəfil həmlə Qoroğlunu mühasirəyə salmışdı. Qoroğlunun üç tərəfi qoşun, bir tərəfi isə sildırım qayalıq idi.
Qoşun başçıları sevinirdilər ki, odlar ölkəsinin yenilməz, basılmaz oğlunu keçilməz səddə salıblar. Tək adam böyük bir qoşuna neyləyə bilər? İndi rahatca əl-ayağını sarıyıb xəlifəyə hədiyyə aparacaqlar.
Qoroğlu da sevinirdi. Sevinirdi ki, Göysu atının belindədir. Sevinirdi ki, ildırım qılınc əlindədir, sevinirdi ki, düşdüyü mühasirənin dördüncü tərəfi doğma torpaq, doğma qayadır.
Qoroğlu ildırım qılıncı qınından çıxardı. Qoşun geri çəkildi, elə bildilər ki, özünü qoşuna təpəcək. Amma bu vaxt heç kimin gözləmədiyi qeyri-adi bir hadisə baş verdi. Qoroğlu öz qılıncını sal qayaya endirdi.
Hamı heyrətdə qaldı. Bilən olmadı: Qoroğlu qayanı çapdı, yoxsa, qayamı aralanıb ona yol açdı?!
Qoroğlunun Göysu atı çapılmış qayanın arasından atılıb quş kimi çıxdı.
Ərəblər geri dönüb gördükləri bu yeni möcüzəli xəbəri xəlifəyə çatdırmağa tələsdilər.
***
Xəlifə yanına üç ərəb çağırıb dedi:
– Aldədə dünyadan köçdü. Yurdunda Qoroğlu qaldı. Aldədə işığı oğlundan alırdı. Qoroğlu isə işığı Nəqşi-Nigardan alır. Qoroğlunu sarsıtmaq üçün odlar yurdunun gözəlini – Nəqşi-Nigarı onun əlindən alıb Bağdada gətirmək lazımdır.
Bir dəstə ərəb silahlanıb odlar yurduna yola düşdü. Onlar Nəqşi-Nigarı kənddə tapmadılar. Öyrəndilər ki, o, dağlara gül-çiçək yığmağa, Qoroğlunu görməyə gedib.
Ərəb atlıları tez yola düşdülər. Məqsədləri Nəqşi-Nigarı yolda Qoroğluna çatmamış yaxalamaq idi. Elə də oldu. Onlar Nəqşi-Nigara Haçaqayanın yanında çatdılar. Qız onları görən kimi qayanın sərt yerinə çəkildi.
Ərəbin biri pusquda idi. O, qəflətən Nəqşi-Nigarın qoşa hörüklərini tutub biləyinə doladı. Nəqşi-Nigar özünü qayadan atdı. Ərəb gördü ki, qızın dalınca dərəyə düşəcək, qılıncla qoşa hörükləri kəsdi. Nəqşi-Nigar qayanın başından uçuruma düşdü.
Vaxtilə Qoroğlu bu qayanı çapanda atının ayağı yaralanıb qanı torpağa sızmış, bunu görən Qoroğlunun gözündən iki yaş damlası düşmüşdü. İndi həmin yerdən hey bir cüt damcı düşürdü: biri su, biri qan. Nəqşi-Nigar da həmin yerə düşmüşdü. Qayadan onun üzünə iki damcı düşürdü. Biri qan, biri su. Bu bir cüt qan və su damlaları dərdlərin dərmanı, məlhəmi idi. Nəqşi-Nigarı da bu qan və su damlaları ölümün pəncəsindən aldı, ona həyat verdi.
Qayanın başında isə möcüzə baş verdi. Qoşa hörüklər dönüb iki əfi ilan oldu. İlanlar ərəblərin canına daraşdı. Biri burda çaldı, biri orda. Bir-iki nəfər qaçıb canını zorla xilas edə bildi. Onlar bu möcüzəni xəlifəyə çatdırmaq üçün özlərini Bağdada güclə çatdırdılar.
SARA HAQQINDA ƏFSANƏLƏR
Birinci əfsanə
Çay qızı
Muğan adlanan bir kənddə iki gənc yaşayırdı. Bunlardan biri Sarvan adlı bir qoçaq oğlan, o birisi isə Muğanın yaraşığı Gözəl idi. Bunlar yenicə evlənmiş, kasıb olsalar da, çox mehriban bir ailə qurmuşdular.
Gözəl və Sarvan Arpaçayın sahilində boya-başa çatmışdılar. Gözəl Arpaçayın zərif, incə qızı kimi ad çıxarmışdı. Sarvan da Muğanda at çapmaqda, qılınc oynatmaqda şöhrət qazanmışdı.
Muğan camaatı əkinçilik və bənnaçılıqla məşğul olurdu. Sarvan özünü xoşbəxt sayırdı. Çünki bütün Muğan onu sevir, ona hörmət edirdi. Bir də o, Muğanın gözəli ilə evlənmişdi.
Aylar, illər keçdi. Gözəl dünyaya bir qız gətirdi. Gənc ana qızı olduğunu görüb çox sevindi. Ancaq onun halı getdikcə pisləşirdi. Bütün Muğanın bilicilə-ri tökülüşüb gəldi. Amma heç kim gəlinə bir kömək edə bilmədi.
Gözəl ölüm yatağına düşdüyünü duyub Sarvanı yanına çağırdı, dedi:
– Əzizim, Sarvanım, mənim səndən bir xahişim var, qulaq as, deyim. Körpəmizə hələ də ad qoyulmayıb. Adını mən verdim, yaşını yaradan versin: Sara! Qoy hamı qızımı Sara çağırsın. Mənim sözüm bu idi… İndi də balamı gətir, qoy sonuncu dəfə onunla görüşüm.
Sarvan tez Saranı gətirib Gözələ vermək istədi. Amma yetişmədi… Gözəl artıq gözlərini əbədi yummuşdu. Sarvan ağladı, ürəyində ağladı… Sara… balaca məsum körpə də, elə bil, anasının ölümünü duyub atasına qoşuldu, bərkdən qışqıraraq ağladı.
Gözəli torpağa tapşırdılar.
Sarvan Saranı qayğısız böyütməyə çalışırdı. Sara evdə oturmur, tez-tez Arpaçayın sahilinə gəlirdi. Qız heç kəslə oynamır, yalnız Arpaçayla oynayırdı. Arpaçay da sanki Saraya öyrəşmişdi; qız sahilə gəlməyəndə kədərlənir, sakit-sakit axır, gələndə isə sevincindən aşıb-daşırdı. Bütün Muğan camaatı bu qızı görəndə Gözəli xatırlayıb deyirdilər:
– Sara lap elə Gözəlin özüdü ki, durub. Torpağı sanı yaşasın.
– Gözəl də uşaq çağlarını Arpaçayın sahilində keçirib, Sara da.
– Gözəl də Muğan gözəli idi, Sara da.
Belə deyənlər çox idi. Amma heç kəs istəmirdi ki, Saranın ömrü Gözəlinki kimi qısa olsun. Odur ki, deyirdilər:
– Surətdə oxşayıb, baxtda oxşamasın.
Beləcə, Sara qayğı bilmədən Arpaçayın sahilində oynaya-oynaya böyüdü. Qızlar bulağından su içdi. Qızı istəyən çox idi. Sara bu cavanların içində gözəl bir gənci – Xançobanı sevdi.
Xançoban çobanlıq edirdi. Onu bütün Muğan camaatı sevirdi; çox qızlar gizli-gizli onun həsrətini çəkirdi, o isə təkcə Saranı sevirdi. Kəndin mötəbər qocaları Saranın atasına elçi düşdü. Ata qızının razılığı ilə onu Xançobana ərə verdi.
Muğan düzünə yaz gəldi. Xançoban sürüsünü yaylağa aparmalı oldu. Sara bu ayrılığa çox kədərlənirdi. Bunu görən Xançoban soruşdu:
– Mənim Saram, sən axı niyə ağlayırsan? Bir-iki gündən sonra qayıdıb səni də aparacağam.
Sara dedi:
– Heç özüm də bilmirəm niyə ağlayıram. Səndən ayrıla bilmirəm, ürəyimə damıb ki, sən gedəndən sonra bir bədbəxtlik olacaq. Bəlkə, bir də səni görməyəcəyəm, ondan qorxuram.
Xançoban güldü və Sarasının ipək tellərini sığalladı:
– Qorxma gülüm, – dedi, – heç nə olmaz.
Çoban sürüsünü çəkib dağlara getdi.
Sara Xançobanı yola salandan sonra köhnə dostu Arpaçayın sahilinə gəldi, oturub fikrə daldı.
Bu vaxt ölkənin xanı çayın qırağından keçəndə Saranı gördü, durdu, hərisliklə qıza tamaşa etməyə başladı.
Sara yad gözlərin ona zilləndiyini görmədi. Arpaçay isə gördü. Saranı qısqandı. Bu yad baxışlardan qəzəbləndi, aşdı-daşdı, Saranı öz qoynuna aldı, apardı, sonra da heç nə olmayıbmış kimi sakit-sakit axmağa başladı. Bütün Muğan camaatı tökülüb gəldi. Saranı oturduğu yerdə görməyib kədərləndilər, ürəklərinin ağrısı qəmli bir mahnıya çevrildi. O gündən həmin mahnı dillər əzbəri oldu:
Arpa çayı aşdı-daşdı,
Sel Saranı aldı qaçdı…
İkinci əfsanə
İntİqam
Deyirlər ki, qədimdə Arpaçayın sahilində bir kişi yaşayırmış. Onun Sara adında gözəl bir qızı varmış. Sara hələ uşaqlıqdan əmisi oğlunu sevirmiş, əmisi oğlu da Saranı. Sara boya-başa çatdıqdan sonra atası onu qonşu kənddən olan varlı bir adama ərə vermək istəyir. Bunu eşidən oğlan qızı qaçırmaq istəyir. Ata bunu duyur və mane olur. Oğlan əmisindən hayıf almaq üçün çox fikirləşir.
Oğlanın bir atı var imiş. Saranın gəlin köçməsinə az qalmış, oğlan atı tövləyə salır. Ata üç gün arpa verir, amma bir gilə də su vermir. Sara gəlin gedən gün atı bəzəyib toya gəlir, əmisinə deyir.
– Mən atımı Saraya bağışlayıram; istəyirəm ki, Sara bu atla gəlin getsin.
Arpaçay yaz yağışından sonra daşıbmış. Üç gün su içməyən at suyu görcək çaya cumur… Sellər onu gəlinlə birlikdə alıb aparır.
Deyirlər ki, Apaçay hər il o vaxt aşıb-daşır.
Üçüncü əfsanə
Apardı sellər Sarayı
Xançoban tayfasından Nuru adlı bir oğlan Şamaxı yaxınlığındakı Məlikçobanlı tayfasından Saray adlı bir qıza nişanlı idi. Yaz vaxtı idi. Toy başlandı.
Bu tayfalardan biri çayın bu tayında, o birisi isə o biri tayında idi. Oğlan evindən bir dəstə adam balabançılarla bərabər çayı keçib Məlikçobanlı tayfasına, Saraygilin qapısına, gəlini aparmağa gəldi. Xörək bişincən, yeyilincən axşam düşdü, hava qaraldı. Oğlan evinin adamları gəlini ata mindirib çayın qırağına gəldilər. Biri dedi:
– Su elə gündüz qədərdir.
Başçı dedi:
– Azacıq artıb.
Kor yengə Minabacı dedi:
– Çəkilin belə, mən balağımı çırmalayıb keçim. Çayda su nə gəzir?
Onun belə ürəkli danışması kişiləri cürətləndirdi. Atları suya vurdular. Heç iki qədəm getməmişdilər ki, gəlin minən at çayın çökək və dərin yerinə düşdü. Saray utandığından qışqırmadı; qaranlıqda at qarışıq suya yıxılıb batdı. Heç kəs cürət edib suya girə bilmədi, su da get-gedə artırdı, qaranlıqda göz-gözü görmürdü, adamlar çayaşağı çox yüyürdülər, çayın sahillərini çox axtardılar. Lakin su daha da artdı, sel Sarayı apardı. Səsə, ağlaşmaya Məlikçobanlı camaatı tökülüb gəldi. Sabaha kimi axtardılar. Saray tapılmadı. Kişilər axtarmağa, arvadlar isə ağı deməyə başladılar. Artıq sel yatdığı üçün Xançobanın camaatı da çayı keçib onlara qoşuldu. Ağlaşma başladı:
Nurunun anası:
Arpa çayı aşdı, daşdı,
Sel Sarayı aldı, qaçdı,
Nuru qaldı gözüyaşlı,
Apardı sellər Sarayı,
Bir ala gözlü balanı.
Sarayın anası:
Arpa çayı dərin olmaz,
İçmə, suyu sərin olmaz,
Saray kimi gəlin olmaz.
Apardı sellər Sarayı,
Bir başı şallı balanı.
Sarayın bibisi:
Düyünü tökdüm tabağa,
Bişmədi qaldı sabaha.
Kor yengə düşdü qabağa
Apardı sellər Sarayı,
Bir üzü xallı balanı.
Nurunun bibisi:
Gedin deyin Xançobana,
Getməsin bu qış Muğana,
Getsə, düşər nahaq qana,
Apardı sellər Sarayı,
Bir ala gözlü balanı.
Nurunun anası:
Gətir bura xas paltarı,
Qara boya, ac paltarı,
Oba geysin yas paltarı,
Apardı sellər Sarayı,
Bir üzü xalı balanı.
Nuru:
Alça dəyib, dərməmişəm,
Dərib çığa sərməmişəm.
Mən Sarayı görməmişəm,
Apardı sellər Sarayı,
Bir ala gözlü balanı.
Sarayın anası:
Ceyran endi, düzə gəldi,
Erkəciynən sözə gəldi.
Saray balam gözə gəldi,
Apardı sellər Sarayı,
Bir başı şallı balanı…
CAHARGAH ƏFSANƏSİ
Qədim zamanlarda bir alim yaşayırdı. O öz gözəl əməlləri ilə xalqın rəğbətini qazanmışdı.
Alimin sorağı yaşadığı ölkənin hökmdarına da çatır. O, alimi sarayına cəlb etmək üçün çağırtdırır və öz yanında qalmağı ona təklif edir. Alim qərara gəlmək üçün möhlət istəyir, hökmdar alimə üç gün möhlət verir.
Vaxt yetişəndə alim saraya gəlir və hökmdara deyir:
– Böyük hökmdar, Sizin saray üçün dərin, dərrakəli alim lazımdır. Mən isə onların səviyyəsində dayana bilmirəm.
Bu sözləri deyib alim qayıdır. Öz xeyirxah işləri ilə yenidən xalqa kömək etmək istəyir.
Alimin cavabı, dikbaşlığı, açıq sözü hökmdarı hirsləndirir. Şah onun səxavətini, firavan saray həyatını qiymətləndirməməsini nankorluq hesab edir. Vəziri yanına çağırıb alimi cəzalandırmaq üçün tədbir istəyir.
Vəzir deyir:
– Alimin cahilliyini sübut edib onu xalqın gözündən salmaq lazımdır.
Bunu deyib vəzir alimə suallar hazırlamaq üçün padşahdan qırx gün möhlət istəyir. Qırx gün keçdikdən sonra suallar hazır olur.
Hökmdar adamları meydana toplayır. Alimi çağırırlar. Alim gəlib hökmdarın qarşısında əmrə müntəzir dayanır. Hökmdar alimə deyir:
– Sən öz əllaməliyinlə xalqı aldadırsan, sən heç də alim deyilsən. Vəzirim sənin üçün suallar hazırlayıb. Bu suallara cavab versən, alimliyini sübut etmiş olacaqsan.
Alim cürətlə deyir:
– Buyurun, suallarınızı verin.
Hökmdar vəzirinə işarə edir. Vəzir suala başlayır:
– Ulu dağın başından buraxılmış bir qoz Zümzümə bulağına qədər neçə dəfə fırlanar?
Alim gülə-gülə deyir:
– Mən sualın cavabını verməyə hazıram. Siz isə Ulu dağdan Zümzümə bulağına qədər olan yolun nə qədər olduğunu, dağın mayilliyini, bir də qozun həcmini deyin.
Camaat alimin cavabını alqışlayır. Hökmdar və vəziri alimlə bacarmayacaqlarını görüb məyus olurlar. Artıq sual vermək fikrindən vaz keçirlər, biabır olmaq istəmirlər.
Alim evə yollanır. Ancaq adamlar onu evə getməyə qoymurlar. Başqa ölkəyə gedən karvana qoşurlar. Onlar yaxşı bilirlər ki, hökmdar bu heyfi alimdən çıxacaq.
Karvandakı hər dəvənin boynunda bir zınqırov var idi. Alim karvan başçısına bildirir ki, yolda onları təhlükə gözləyir, əgər xahişini yerinə yetirsə, onlarla səfərə çıxar və təhlükəni sovuşdurar. Karvan başçısı razı olur. Alim xahiş edir ki, dəvələrin boynundakı zınqırovların yerini dəyişməyə icazə versin.
Karvan başçısı alimin təklifinə razı olur, ancaq səbəbini öyrənmək istəyir.
– Mən zınqırovların səsindən ecazkar musiqi yaradacağam. Bu bizi ölümdən qurtaracaq.
Bəli, alim zınqırovları dəvələrin boynundan elə asır ki, karvanın hər addımında sanki mizrab bir neçə telə dəyir. Zınqırovlar səsləndikcə onlardan yaranan musiqi dalğa-dalğa ətrafa yayılır. Hamı alimin bu məharətinə heyran qalır. Gecə yuvalarına çəkilən quşlar musiqinin səsindən vəcdə gəlib karvanın üstü ilə uçurlar. Musiqinin səsindən, onun dalğasından ağacların yarpaqları rəqsə gəlir, axşamdan bükülən güllər yenidən ləçəklənib ətir saçır.
Sizə kimdən xəbər verim, hökmdardan. Sarayına çatan kimi alimin onun hüzuruna gətirilməsini tələb edir. Alimi nə qədər axtarırlarsa da, tapa bilmirlər. Onda hökmdar bir dəstə atlını karvanın dalınca göndərir. Atlılar karvana yetişəndə gözəl musiqi səsi eşidirlər və bihuş olurlar. Dəvələrin yerişi ilə zınqırovdan çıxan musiqi sədaları alimi aparmağa gələn atlıları karvana yaxınlaşmağa qoymur, əsir aparmağa gələnlərin özləri alimin yaratdığına əsir düşürlər. Birdən atlılar yuxudan oyanan kimi görürlər ki, artıq başqa ölkənin ərazisindədirlər. Alimin geri qaytarılmasının müşkül bir iş olduğunu görən dəstə əliboş geri qayıdır.
Alimin yaratdığı musiqinin adı "çahargah" adı ilə məşhur olur.
DAĞ, DAŞ, QAYA VƏ QALALAR HAQQINDA ƏFSANƏLƏR
DAĞLARIN AYRILIĞI
Alvız ana sac asıb yuxa bişirmək istəyirmiş. Xəmiri kündələyib yığır, yuxanı bir-bir yayıb süfrəyə sərir, sacın qızmağını gözləyirmiş. Böyük oğlu Qoşqar, ortancıl oğlu Murov, kiçik oğlu Kəpəz də ocağın qırağında oturublarmış.
Alvız ana ilk yuxanı sacın üstünə salan kimi Kəpəzin tərsliyi tutur:
– Bu yuxa təkcə mənimdir, – deyir, – heç birinizə verməyəcəyəm.
Murov:
– Yox, mənimdir, – deyir. – Hər şeyin ilkini həmişə sən götürürsən. Bu dəfə mənə çatmalıdır.
Qoşqar onlara acıqlanır:
– İndi ki belə oldu, heç biriniz ona əlinizi vurmayın. Gözləyərik, üç yuxa bişər, hərəmiz birini götürərik.
Qardaşlar höcətləşirlər, yuxa bişməmişdən bir-birinin yaxasını cırası olurlar. Alvız ana onlara nə qədər təpinirsə, kirimirlər. Kəpəzlə Murov dalaşmağa başlayırlar. Qoşqar onların arasında oturub sakitləşdirmək istəyir. Ancaq Murov bir kösöv götürüb Kəpəzin peysərinə endirir. Kəpəz bar-bar bağırır. Boynunu tuta-tuta qaçır.
Qoşqar Kəpəzi çox istəyirmiş, kiçik qardaşının şivəninə dözmür, qızmar sacı qaldırıb Murovun başına çırpır. Murov da çığıra-çığıra başqa səmtə üz tutur.
Alvızın üzü bozarır. Qoşqar döyüləcəyindən qorxub günbatana yüyürür.
Üç qardaşın hərəsi ayrılıb bir yanda qərar tutur. Alvız ana tək qalır. O vaxtdan bəri qardaşlar öz analarına, ana da öz oğullarına baxa-baxa qocalmışlar. Hər bulaq, hər çay onların bir göz yaşıdır, onların bu həsrətləri, bu intizarları dənizlərdə, dəryalarda görüşür.
QIRXQIZ
(Kəlbəcər)
İstisuyun yanındakı qayalığa indi də Qırxqız deyirlər.
Rəvayətə görə, Zar şəhərində zalım bir hökmdar var imiş. Bu hökmdar gözəl qızları zorla öz hərəmxanasına aparırmış.
Qırx gözəl qız hərəmxanaya getməyib qayalığa qaçır və orda gizlənirlər. Zalım hökmdar qoşun göndərir ki, onları tutub hərəmxanaya gətirsinlər. Qızlar qoşunu görəndə allaha yalvarıb dua edirlər ki, onları daşa döndərsin. Allah da onları daşa döndərir.
BİBİHEYBƏT
(Bakı)
Deyilənlərə görə, İrandan iki qız Heybət adlı bir adamın gəmisi ilə Şıx kəndinə gəlir. Heybət bu qızlara bibi deyərmiş. Bu qızlara hamı hörmət edir, onları ziyarətə gəlirlərmiş.
Bir müddət keçir, qızlar ölür. Heybət bunların qəbirlərinin üstündə gümbəz tikdirir. Heybət öləndə də onu qızların qəbirlərinin yanında dəfn edirlər. Beləliklə, bura Bibiheybət adlanır.
ƏSHABİ-KƏHF
(Naxçıvan)
Keçmişdə Dağyanus adlı bir adam Ölən şəhərində çoban imiş, başqalarına qoyun otarırmış. Günlərin bir günü onun qulağına bir milçək qonur. Dağyanus milçəyi qovur. Milçək gedib bir oyuğa düşür. Dağyanus oyuğu qurdalayır ki, milçəyi tapıb öldürsün. Görür ki, oyuqda bir yastı daş var. Bu daşın üstündə yazılıb:
– Bu daşın altı xəzinədir. Hər kəs daşı qaldırıb xəzinəyə girsə, ölər.
Dağyanus qorxusundan daşı qaldırmır. Ölən şəhərinə gedib, molla Əhmədəli adlı bir nəfərə deyir:
– Filan yerdə bir yastı daş var, altı xəzinədir. Gedək daşı qaldır, xəzinənin yarısı sənin olsun. Mənim qolum ağrıyır, qaldıra bilmirəm.
Molla Əhmədəli sevinə-sevinə onun dalınca düşür, oyuğa gedir. Daşın üstünü oxuyur, görür ki, doğrudan da, daşın dalında xəzinə var. Amma yazılıb ki, kim bu daşı qaldırsa, ölər.
Dağyanus çox bic adam idi. Onu dilə tutub dedi:
– Əşi, bu yazılana inanmaq olmaz. Daşı qaldır, xəzinəyə sahib dur.
Molla Əhmədəli əvvəl qorxur. Amma dünya malı şirin olar. Xəzinə onuşirnikləndirir. Qolunu çırmayıb daşı qaldırır. Nə görür: bura böyük xəzinədir, içi ləl, cəvahir və qızılla doludur. Dağyanus da onunla birlikdə xəzinəyə girir. Görür ki, bir qılınc var, üstündə yazılıb "Xəzinəyə ilk girəni bu qılıncla öldürsən, xəzinəyə sahib ola bilərsən". Dağyanus tez qılıncı götürüb Molla Əhmədəlini öldürür. Gecə ikən xəzinəni yığır, varlı adam olur. Az zaman içərisində Naxçıvanda hökmranlığı öz əlinə keçirir, zalım bir padşah olur.
Dağyanus hər yerə elan edir:
– Allah mən özüməm. Sizin tanıdığınız allahı tanımıram.
Dağyanus şahın zülmü ərşə dayanır. Günlərin bir günü Dağyanusun qulağına yenə bir milçək girir. Şah nə qədər çalışır, milçəyi çıxara bilmir. Vəzirə, vəkilə deyir:
– Başıma döyün, milçək çıxsın.
Vəzir ona deyir:
– Şah, sənin ki bir milçəyə gücün çatmır qulağından çıxarasan, bəs niyə özünü allah adlandırırsan?
Dağyanusun acığı tutur, hamısının boynunu vurmaq əmrini verir. Vəzirlərdən Təmirxan, Müslüm, bir də bir nəfər qaçırlar. Bunların qabağına bir çoban çıxır. Çoban onlardan soruşur:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/narodnoe-tvorchestvo/fsan-l-r-68289589/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.