Pianoçu
Vladislav Şpilman
Ekranlaşdırılmış əsər
Bu kitab II Dünya müharibəsinin sonunadək faşistlərdən gizlənərək yaşayan və bir-birindən dəhşətli hadisələrin şahidi olan Şpilmanın ürəkağrıdan xatirələrindən ibarətdir.
Vladislav Şpilman
PİANOÇU. Varşava gündəlikləri, 1939–1945
ÖN SÖZ
Bu xatirələr kitabı Polşanın məşhur musiqiçisi və bəstəkarı Vladislav Şpilmanın almanlar tərəfindən işğal olunmuş Varşavada 1939–1945-ci illərdə sürdüyü həyat haqqındadır. Bəstəkarın ailəsi – valideynləri, iki bacısı və qardaşı alman işğalçıları tərəfindən qətlə yetirilib.
Müəllif ölümdən üç dəfə qurtula bilib – əvvəlcə getto sakinlərini Treblinkaya yollamaq üçün qovan yəhudi polisi, sonra polşalı qadın Helena Leviskaya, müharibənin sonunda isə alman ordusunun kapitanı Vilhelm Hozenfeld sayəsində.
Varşava azad edildikdən sonra Vladislav Şpilman uzun müddət stress vəziyyətində idi – özünü həlak olmuş yaxınlarının ruhu qarşısında günahkar sayırdı. Nəhayət, ağlını itirməmək üçün dostlarının məsləhəti ilə yaşadıqlarını kağıza köçürüb. Kitab müharibədən dərhal sonra yazılıb və 1946-cı ildə Yeja Valdorffun redaktorluğu altında «Şəhərin məhvi» adı ilə işıq üzü görüb. Əsərdə xüsusi ideyalar və milli stereotiplər yoxdur, burda, sadəcə, insanlar – almanlar, polyaklar, yəhudilər və litvalılar, bir də onların əməlləri öz əksini tapıb.
Vladislav Şpilman musiqi fəaliyyətinə qayıdıb konsertlər verib, Polşa radiosunun musiqi redaksiyasına rəhbərlik edib. Məşhur «Varşava kvinteti»nin yaradıcılarından biri olub və onunla bir çox ölkədə konsert verib. Bundan başqa, o, Sopotda populyar musiqi festivalının təşkilinin təşəbbüsçülərindən idi.
Kitabın «Pianoçu» adı ilə çap olunan ikinci nəşri 1998-ci ildə Almaniyada, növbəti il isə ABŞ-da işıq üzü görüb. Əsər həmin vaxtdan səkkiz dilə tərcümə edilib, təkcə Polşada deyil, İspaniyadan tutmuş Yaponiyayadək bütün dünyaya səs salıb, «The Economist», «The Guardian», «The Sunday Times» və s. kimi nüfuzlu nəşrlərin bestseller siyahısına düşüb. 1999-cu ildə «Los Angeles Times» qəzeti əsərə «fakt ədəbiyyatı» kateqoriyasında ən yaxşı kitab titulu verib.
Kitabda yaddaşa təkcə yəhudilərə divan tutulması, yaxud onların Treblinkaya köçürülməsi səhnələri deyil, həm də baş verən bu dəhşətli faciənin bəzən iki-üç cizgi ilə konkret iştirakçılarının simaları, xırdalığınadək məişət detalları, insan münasibətlərinin təfərrüatları həkk olunur. «The Independent on Sunday» (28.03.1999) qəzeti yazırdı: «Bəzən həyatın boyu insan təbiəti haqqında bu nazik kitabdan əxz etdiyin qədər öyrənə bilmirsən».
Məşhur rejissor Roman Polanski «Pianoçu» əsərini ekranlaşdırıb. Vaxtilə Anje Vaydanın da belə bir niyyəti olub.
«Pianoçu» filmi 2002-ci ildə 55-ci Kann Beynəlxalq kino festivalının ali mükafatına – «Qızıl palma budağı»na layiq görülüb. Film həmçinin 2003-cü ildə üç «Oskar» alıb: ən yaxşı rejissor işinə görə (Roman Polanski), ssenariyə görə (Ronald Harvud) və ən yaxşı kişi roluna görə (Edrien Broudi).
Kitabda əlavə kimi alman ordusunun kapitanı Vilhelm Hozenfeldin – V.Şpilmanı viranə qalmış Varşavada xilas edənlərdən birinin hərbi gündəliyindən parçalar verilib.
MÜQƏDDİMƏ
Atam müharibə dövründə başına gələnləri son illərədək qırx qapı arxasında gizlətməyə çalışıb. Bununla belə, on iki yaşım olar-olmaz kitabxanamızda tapdığım bu kitab sayəsində atamın keçmişi barədə çox şeyi öyrəndim. Həmin kitabdan niyə ata tərəfdən nənəmlə babamın olmadığını, evimizdə nə üçün bu barədə bir kəlmə də danışılmadığını öyrəndim. Tapdığım bu gündəlik ailə tarixçəmizin indiyədək heç bir təsəvvürüm olmadığı qaranlıq hissəsinə aydınlıq gətirdi… Hərçənd biz indiyədək bu haqda susmağa üstünlük veririk. Yəqin, elə həmin səbəbdən dərhal fərqinə varmadım ki, atamın yaşadıqları digər insanlarda maraq doğura bilər. Bu kitabın yenidən çap olunmasına isə məni dostum – alman şairi Volf Birman inandırdı. O, əsərin müstəsna dəyərə malik olduğuna əmin idi.
Uzun illərdir Almaniyada yəhudilər, almanlar və polyaklar arasında ağrılı susqunluq vəziyyətini müşahidə edirəm. Ümid edirəm ki, bu kitab hələ də qanayan yaraların sağalmasına vəsilə olacaq.
Atam Vladislav Şpilman yazıçı deyil. O, pianoçu, bəstəkar və mədəniyyət xadimidir. Kimsə onun haqqında belə deyib: «Bu adamın daxilində musiqi yaşayır».
Atam Berlin musiqi akademiyasında Artur Şnabelin fortepiano və Frans Şrekerin kompozisiya sinfini bitirib.
1933-cü ildə Hitler hakimiyyətə gələndən sonra atam Varşavaya qayıdıb və Polşa radiosunda pianoçu işləməyə başlayıb. 1939-cu ilədək simfoniya musiqisi, filmlərə musiqi və bir çoxu dərhal məşhurlaşan mahnılar bəstələyib. Müharibə ərəfəsində Bronislav Gimpel, Henrik Şerinq, İda Qendel və Roman Totenberq kimi dünya şöhrətli skripkaçılarla konsertlərdə çıxış edib.
1945-ci ildən sonra kamera musiqisinin piano ifaçısı kimi fəaliyyət göstərib. Yeni simfonik əsərlər, o cümlədən minlərlə mahnı bəstələyib. Onlardan «Yağış», «Bu illəri heç kəs qaytarmayacaq», «Sevgisiz xoşbəxtlik yoxdur», «Nəğməyə inanmıram», «Qırmızı avtobus», «Sakit gecə», «Zaman gələcək», «Sabah yaxşı gün olacaq» mahnılarının adını çəkmək olar.
Atam uşaqlar üçün əllidən artıq mahnı, bir çox radio tamaşasına və filmə musiqi yazıb, o həmçinin Polşa kino xronikasına yazılmış məşhur çağırış siqnalının müəllifidir.
Atam həmin dövrdə Polşa Bəstəkarlar İttifaqının, eləcə də sıralarında teatr və kino üçün şeirlər qələmə alan, musiqi bəstələyən yaradıcı adamların birləşdiyi Şairlər və bəstəkarlar birliyinin rəhbərliyinə daxil olub, Estrada mahnısı müəlliflərinin və bəstəkarlarının birliyini bərpa edib. O həm də Sopotda Beynəlxalq mahnı festivalının təşəbbüsçüsü və təşkilatçılarından biri idi.
Atam 1960-cı ilədək Polşa radiosunda həzin musiqi redaksiyasına rəhbərlik edib. Sonralar özünü tamamilə konsert fəaliyyətinə həsr etmək üçün bu işdən uzaqlaşıb. Bronislav Gimpel və Tadeuş Vronski ilə birgə «Varşava kvinteti»ni yaradıb. Onlar bütün dünyanı gəzərək iki mindən artıq konsert veriblər.
Atam öz xatirələrini müharibədən dərhal sonra, 1945-ci ildə yazıb. Kitab ilk dəfə 1946-cı ildə işıq üzü görüb. Zənnimcə, bu kitab onun həyatında öz müstəsna rolunu oynaya bilib, çünki atama müharibə kabusundan qurtulub normal həyata qayıtmağa kömək edib.
1960-cı illərin əvvəllərində müxtəlif nəşriyyatlar bir neçə dəfə bu kitabı yeni oxucu nəslinə çatdırmağa cəhd göstəriblər. Naməlum, daha dəqiq desək, məlum səbəblərdən bu cəhdlər uğurla nəticələnməyib. Yəqin, qərarvericilərin buna öz səbəbləri olub…
Odur ki atamın gündəlikləri bir də əlli il sonra əvvəlcə Almaniyada işıq üzü görüb. Kitab bu ölkədə dərhal müharibənin ciddi «şahid»lərindən biri kimi qəbul olunub. Almaniyanın mötəbər «Der Spiegel» jurnalı ona səkkiz səhifə həsr edib. Gündəliklər 1999-cu ildə İngiltərə, Niderland, İtaliya, İsveç, Yaponiya və Birləşmiş Ştatlarda dərc olunub. Əsər 1999-cu ildə «Los Angeles Times», «The Times», «The Economist», «The Guardian» qəzetlərinin «ən yaxşı kitablar» siyahısına daxil edilib.
Vermaxt kapitanı Vilhelm Hozenfeldin gündəliyindən bu nəşrə daxil edilmiş parçalar heç kəsi etinasız qoymur, üstəlik, kitaba yeni rəng qatır, həmçinin Almaniyada geniş yayılmış bir fikri – guya alman cəmiyyətinin Hitler ordusunun Polşa ərazisində və işğal etdiyi digər ölkələrdə həyata keçirdiyi cinayətlərdən xəbərsiz olduğunu təkzib edir; eyni zamanda onun cəsur əməlləri hər şeyə rəğmən nasist rejiminə qarşı mübarizə imkanlarının qaldığını göstərir.
Həmin parçaları nəşrə salmaqla Vilhelm Hozenfeldin xatirəsini anmağı özüm üçün mənəvi borc bilmişəm.
Anje Şpilman, mart 2000
MÜHARİBƏ
1939-cu il avqustun 31-də Varşavada, demək olar ki, artıq hər kəs almanlarla müharibənin qaçılmaz olduğunu bilir və bunun əksini ağlının ucundan da keçirmir, bircə tək-tük islaholunmaz nikbin adam Polşanın barışmaz mövqeyinin Hitleri qorxuda biləcəyinə ümid bəsləyirdi. Onların nikbinliyi opportunizmin təzahürü idi, bu adamlar, sadəcə, hər cür məntiqin ziddinə gedərək müharibədən yan qaçıb əvvəlki kimi sakit yaşaya biləcəklərinə inanmaq istəyirdilər – axı həyat elə gözəldir ki!
Axşamlar işıqlar söndürülür, şəhər zülmətə qərq olurdu. Evlərdə qaz hücumundan qorunmaq üçün bütün dəlmə-deşikləri tutulan xüsusi otaqlar hazırlanırdı. İnsanlar hər şeydən çox qaz hücumundan qorxurdu.
Beləcə, kafe və barların işıq keçirməyən pəncərələrinin arxasında orkestrlər musiqi səsləndirir, müştərilər rəqs edir, içki içir və cəsur vətənpərvər nəğmələr oxuyaraq döyüş ruhlarını yüksəldirdilər.
İşığı gizlətmək, çiynində əleyhqaz daşımaq, gecənin bir yarısı simasını dəyişmiş küçələrlə taksidə evə qayıtmaq həyata xüsusi rəng qatırdı, bir də ki hələ heç bir təhlükə hiss olunmurdu.
Həmin dövrdə mən Polşa radiosunda pianoçu idim, valideynlərim, qardaşım və bacımla Slizkaya küçəsində yaşayırdım.
O avqust gecəsində evə çox gec qayıtdım, yorğun idim və dərhal yatağa uzandım. Mənzilimiz dördüncü mərtəbədə yerləşirdi; bunun isə öz üstünlükləri vardı: toz və küçənin qoxusu aşağıda qalır, bunun əvəzində Visladan əsən ruzigar təmiz havanı açıq pəncərələrdən içəri qovurdu.
Partlayış səslərinə oyandım. Hava açılırdı. Saata baxdım: altıya qalırdı. Partlayışların əks-sədası güclü deyildi və sanki şəhərdən yox, hardansa uzaqdan gəlirdi. Yəqin, bu, hərbi təlimlər idi, son zamanlar hamı onlara alışmağa macal tapmışdı. Bir neçə dəqiqədən sonra ortalığa sükut çökdü. Düşündüm ki, bəlkə, başımı atıb yenidən yatım, amma hava artıq işıqlanmışdı. Odur ki səhər yeməyinədək mütaliə etməyi qərara aldım.
Otağımın qapısı qəfil açılanda hardasa saat 8 olardı. Kandarda anam dayanmışdı, geyimindən şəhərə çıxacağı bəlli olurdu. Üzü həmişəkindən daha bəyaz idi. Məni yataqda görüb qəzəbini gizlədə bilmədi. Anam nəsə demək istədi, amma səsi sözünə qulaq asmırdı; o, dərindən ah çəkib, nəhayət, əsəbi şəkildə tez dilləndi:
– Ayağa qalx, müharibə başlayıb!
Mən dərhal radioya getməyi qərara aldım. Orda dostlarımdan son xəbərləri öyrənə bilərəm.
Əynimi geyinib səhər yeməyi yedim və evdən çıxdım. Evlərin və afişa dirəkciklərinin üstünə artıq böyük ağ vərəqlər yapışdırılmışdı. Bu vərəqlərdə xalqa müraciət edən prezident Almaniyanın Polşaya hücumu barədə xəbər verirdi. Adamlar dəstə-dəstə dayanıb müraciəti oxuyur, bəziləri başılovlu harasa qaçır, yəqin, son anda ən təcili işlərini yoluna qoymaq istəyirdilər. Evimizin yaxınlığındakı döngədə yerləşən dükanın sahibəsi pəncərələrə ağ kağız zolaqları yapışdırırdı, onlar artıq qaçılmaz olan bombalanma zamanı pəncərələri qorumalı idi. Sahibənin qızı isə həmin vaxt salat, vetçina və kolbasa boşqablarını kiçik bayraqlar və milli qəhrəmanların portretləri ilə bəzəyirdi.
Küçələrdə yorulmadan qəzet satıcıları vurnuxur, xüsusi buraxılışlar təklif edirdilər. Heç bir təlaş hiss olunmurdu. Əhvali-ruhiyyə maraqla – görəsən, bundan sonra nə olacaq? – hadisələrin bu cür gedişatından doğan təəccüb arasında var-gəl edirdi.
Dirəkciklərin birinin qarşısında çalsaçlı, üzü yenicə taraşlanmış, qəşəng geyinmiş cənab dayandı. Onun üzü və hətta boynu həyəcandan qızardı. Şlyapası peysərinə tərəf əyildi, halbuki adi halda belə bir şeyə heç vaxt yol verməzdi. Müraciəti oxuyub şübhə içində başını buladı və eynəyini burnuna dirəyib gözünü yenidən kağıza zillədi. Bəzi kəlmələri qeyzlə hündürdən təkrarladı:
– Hücum ediblər… Müharibə elan etmədən… – yaxınlıqdakı insanların reaksiyasını görmək üçün ətrafına boylanıb eynəyini düzəltdi və ucadan dedi: – Axı bu şərəfsizlikdir!
O heç cür sakitləşə bilmirdi, kənara çəkiləndən sonra belə burnunun altında mızıldanır və çiyinlərini çəkirdi:
– Yox. Bu heç düzgün deyil…
Lap yaxınlıqda yaşasam da, radioya çatmaq o qədər də asan başa gəlmədi. Bu, həmişəkindən iki dəfə çox vaxtımı aldı. Yolun yarısına çatanda fənər dirəklərində, dükanların girişində və evlərin pəncərələrində qurulmuş səsucaldanlardan hava həyəcanının səsi gəldi. Sonra aparıcının səsi eşidildi: «Varşava hava təhlükə siqnalı! Diqqət! Diqqət! Başlayır…» Daha sonra ardıcıl şəkildə hərbi şifrin rəqəmləri ilə hərfləri səsləndi və bu, mülki adamların qulaqlarında sirli bir ovsun kimi cingildədi. Bəlkə, rəqəmlər uçan təyyarələrin sayına işarə edirdi? Hərflər də bombaların düşəcəyi ərazilərə? Bəlkə, bu ərazilərin arasında elə bizim dayandığımız yer də var?
Küçə qısa vaxtda boşaldı. Qorxuya düşmüş qadınlar zirzəmilərə tələsirdilər, gizlənmək istəməyən və cəsarətlərini nümayiş etdirən kişilərsə dükanların və evlərin qarşısında dayanıb almanları qarğıyır, ümumi səfərbərliyi bacarıqsız şəkildə, üstəlik, xeyli ləngimə ilə həyata keçirən hökuməti söyürdülər. Boş qalmış, sanki xarabazara dönmüş küçələrdə qışqırıq səsləri eşidilirdi – bu, hava hücumundan müdafiə dəstələrinin iştirakçıları idi. Onlar təkcə özlərinə məlum olan səbəbdən evindən çıxıb küçədə gəzməyə cəhd edənləri bu təhlükəli niyyətlərindən vaz keçirməyə çağırırdılar. Sonra bomba səsləri eşidildi, ancaq səslər bu dəfə də yaxından gəlmirdi.
Hava həyəcanı yenidən elan ediləndə mən artıq radionun binasına yaxınlaşırdım. Bu, yolboyu üçüncü siqnal idi. Lakin radio əməkdaşları hər dəfə bomba sığınağına düşmək iqtidarında deyildilər.
Radio verilişlərinin proqramı tamamilə qısaldılıb korlanmışdı, onu, nəhayət, bərpa etmək mümkün olduqda isə cəbhədən yenicə gəlmiş mühüm xəbərləri və ya siyasi məlumatları vermək üçün efir hər dəfə kəsilirdi. Həmin xəbərlərin arasında isə hərbi marşlar, ya da milli himnlər səsləndirilirdi. Redaksiyanın dəhlizlərində xaos hökm sürürdü. İnsanların ümumi döyüşkən əhvali-ruhiyyəyə get-gedə daha çox kökləndiyi hiss olunurdu.
Orduya çağırılan əməkdaşlardan biri həmkarları ilə vidalaşmağa, həm də fürsətdən istifadə edərək öz yeni mundirini nümayiş etdirməyə gəldi. Yəqin, elə xəyal edirdi ki, hamı başına toplaşıb onu riqqətlə yola salacaq. Amma zavallını peşmançılıq gözləyirdi: hər kəsin başı özünə qarışmışdı. O, mülki həyatı ilə vidalaşma ssenarisini qismən də olsa həyata keçirmək üçün yanından ötən əməkdaşları saxlamağa çalışırdı. İstəyinə çatsaydı, gələcəkdə nəvələrinə danışmağa nəsə olacaqdı. Biçarə hardan biləydi ki, iki həftədən sonra dəfninə gəlməyə heç kəs vaxt tapmayacaq.
Studiyanın yanında radionun qocaman işçisi, pianoçu, professor Urşteyn qolumdan yapışdı. Bu adam zamanı saatlarla və günlərlə ölçən insanlardan fərqli olaraq onu lap çoxdan musiqi əsərləri ilə nizamlayırdı. Belə ki, professor nəyisə xatırlamaq istəyəndə sözünə həmişə belə başlayardı: «O zaman mən çalırdım…» – və o bu üsulla zamanı təyin etməyə müvəffəq olanda yaddaşına icazə verirdi ki, hətta o qədər də əhəmiyyət kəsb etməyən və daha uzaq keçmişdə qalan nələrisə alt qatlarından çıxarsın.
Qocaman professor qulaqları batmış və çaşqın vəziyyətdə studiyanın qapısının ağzında dayanmışdı: musiqi müşayiəti olmadan bu nə müharibədir?!
– Kimsə demir ki, bu gün işləyə biləcəm, ya yox? – əlacsız şəkildə şikayətləndi.
Nahardan sonra işləyə biləcəyimiz aydınlaşdı və hərə öz royalının arxasına keçdi. Planlaşdırılmış ardıcıllıqla olmasa da, musiqi verilişlərini efirə buraxmağa hazırlaşırdılar.
Bir azdan nahar vaxtı çatdı, əməkdaşlardan bir-ikisi artıq acmışdı. Biz yaxınlıqdakı restoranda qəlyanaltı etmək üçün radiodan çıxdıq.
Şəhər sanki həmişəki həyatını yaşayırdı. Əsas küçələrdə əvvəlki kimi qələbəlik idi. Dükanlar açıq idi, üstəlik, prezident əhalini azuqə ehtiyatı yığmamağa çağırdığından – onun fikrincə, bu artıq iş idi – gözə nə növbə, nə də basırıq dəyirdi. Səyyar satıcılar kağızdan düzəldilmiş donuz oyuncaqlarını xüsusi canfəşanlıqla satırdılar. Bu arada həmin donuzları açsaydın, Hitleri xatırladan bir şeyə çevrilirdi.
Biz restoranda güc-bəla ilə bir boş masa tapdıq. Burda, adətən, sifariş edə biləcəyin bir çox yemək indi menyuda gözə dəymirdi. Yerdə qalanların qiyməti isə lap kəlləçarxda idi. Alverçilər fürsəti fövtə vermirdilər.
Masa arxasında yalnız bir mövzu ətrafında söhbət gedirdi: o da yaxınlarda Fransa və İngiltərənin müharibəyə qoşulmaq ehtimalı idi. Bir neçə ümidsiz bədbin müstəsna olmaqla hamı bu hadisənin yaxın saatlarda, hətta dəqiqələrdə baş verəcəyindən əmin idi. Hətta Amerikanın da almanlara müharibə elan edəcəyini düşünənlər tapılırdı. Onlar ötən müharibənin təcrübəsinə əsaslanaraq belə deyirdilər: sanki I Dünya müharibəsinin yeganə məqsədi bizə növbəti dəfə necə vuruşmağı göstərmək idi.
Fəqət Fransa və İngiltərə müharibəyə sentyabrın 3-də qoşuldu.
Həmin gün saatın əqrəbləri üçü göstərirdi, mənsə hələ də evdə idim. Biz heç bir xəbəri qaçırmamaq üçün radioqəbuledicini həmişə açıq qoyurduq. Hərçənd cəbhədən gələn məlumatlar o qədər də ürəkaçan deyildi. Düzdür, süvari qoşunlarımız Şərqi Prussiyaya daxil olmuşdu, təyyarələrimizsə alman mövqelərini bombalayırdı, amma yenə də Polşa ordusu elə hey tutduğu mövqeləri əldən vermək məcburiyyətində qalır, hücuma keçən düşməndən qorunmaq üçün geri çəkilirdi. Hərbi təbliğatımızın dediyi kimi, almanların təyyarələri və tankları kağızdan, benzinləri isə hətta alışqan üçün yararsız sintetik tərkiblidirsə, bu necə baş verə bilərdi ki?
Varşavanın səmasında uçan düşmən təyyarələri az vurulmamışdı. Hətta əyinlərində kağızdan paltar, ayaqlarında kağızdan ayaqqabı olan pilotların meyitlərini öz gözləri ilə görən şahidlər də tapılırdı. Onda bəs bu miskin və şərəfsiz quldur dəstəsi bizi geri çəkilməyə necə məcbur edirdi? Bax bunu heç kəs anlaya bilmirdi.
Radioda gedən veriliş qəfil kəsiləndə və aparıcı təntənəli səslə elə indicə təcili xəbər səsləndiriləcəyini elan edəndə anam otaqda dövrə vurur, atam skripkada çalır, mənsə kresloda oturub kitab oxuyurdum. Atamla mən radioqəbulediciyə yaxın oturduq, anamsa qardaşımla bacımı çağırmağa qaçdı. Radioda hərbi marş çalındı, sonra anons təkrarlandı, növbəti dəfə marş sədaları və nəhayət, bir dəqiqədən sonra yenə elan etdilər ki, indi biz mühüm xəbər eşidəcəyik. Polşa milli himni, ardınca da Britaniya milli himni ifa olunanda əsəb dolu gərginlik pik nöqtəyə çatdı. Yalnız bundan sonra xəbər verdilər ki, indi biz düşmənlə tək vuruşmuruq, artıq bizim müttəfiqimiz var və indən belə qələbə, yəqin ki, bizim tərəfimizdə olacaq. Hətta hadisələr arabir bizim xeyrimizə cərəyan etməsə belə!
Bu xəbəri eşidərkən keçirdiyimiz həyəcanı ifadə etməkdə çətinlik çəkirəm. Anamın gözləri yaşardı, atam hönkür-hönkür ağladı, qardaşım Henriksə sanki artıq həlledici qələbə qazanıbmışıq kimi əllərini düz burnumun ucunda yelləyə-yelləyə qışqırmağa başladı:
– Gördün? Axı mən demişdim!
Mübahisə etmək üçün bundan uğurlu məqam ola bilməzdi. Regina onun qarşısını almaq üçün aramızda dayanıb sakitcə dedi:
– Bəsdirin! Hamı belə olacağını bilirdi… – və əlavə etdi: – Axı beynəlxalq müqavilələr də elə bunu deyirdi.
Regina vəkil işləyirdi, deməli, bu cür məsələlərdə onun dedikləri ilə qeyd-şərtsiz razılaşmaq lazımdır.
London dalğasını tutmağa çalışan Qalina radioqəbuledicini qurdalamağa başladı, o, məlumatı ilkin mənbədən almaq istəyirdi.
Hər iki bacım ailənin digər üzvlərindən qat-qat təmkinli və möhkəm idi. Görəsən, bu məziyyətlərini irsən kimdən almışdılar? Bəlkə, anamdan, hərçənd indi o da bacılarımla müqayisədə qərarsız görünürdü.
Dörd saat sonra Fransa da almanlara müharibə elan etdi. Atam nahardan sonra Britaniya səfirliyinin binasının önündə keçiriləcək nümayişə getmək qərarına gəldi. Anam buna qarşı çıxmağa çalışdı, amma atam fikrindən dönmədi. O, nümayişdən qızışmış, çılğın və üst-başı dağınıq halda qayıtdı. Orda xarici işlər nazirini, həmçinin İngiltərə və Fransa səfirlərini gördüyünü danışdı. Dediyinə görə, iştirakçılar birgə nəğmə oxuyub və şüarlar səsləndiriblər. Sonra hücum təhlükəsi ilə bağlı onlardan təcili evlərinə dağılışmaq xahiş olunub. Kütlə həmin çağırışa elə qızğınlıqla əməl edib ki, bu, atam üçün həyatı bahasına başa gələcəkmiş: onu basabasda az qala tapdayacaqlarmış, bununla belə, atam evə məmnun və yaxşı əhvali-ruhiyyədə qayıtmışdı.
Təəssüf ki, sevincimiz uzun sürmədi. Cəbhədən gələn xəbərlər günü-gündən daha böyük əndişəyə səbəb olurdu.
Sentyabrın 7-də kimsə qapımızı bərkdən döydü. Pilləkəndə qarşıdakı mənzilin sakini, həkim işləyən qonşumuz dayanmışdı. Ayağında uzunboğaz ordu çəkmələri, başında idman papağı, əynində ov gödəkçəsi, çiynində kürək çantası vardı. Çox tələsirdi, amma almanların Varşavanın lap yaxınlığında olduğunu, hökumətimizin Lüblinə köçdüyünü, bütün kişilərinsə şəhəri tərk edib Vislanın qarşı sahilinə keçməsinin lazım olduğunu xəbər verməyi özünə borc bilmişdi. Çayın o biri tayında yeni cəbhə qurulacaqdı.
Biz əvvəlcə ona inanmaqda çətinlik çəkdik. Mən nəsə öyrənə bilmək üçün qonşulara baş çəkməyi qərara aldım. Henrik radionu qoşdu, orda da tərslikdən sakitlik idi. Stansiya susurdu.
Qonşulardan, demək olar, heç kəs evdə yox idi. Mənzillərin çoxu qıfıllı idi, yerdə qalanlarında isə ağlamaqdan gözləri qızarmış və özlərini ən pis sonluğa kökləmiş qadınlar ərlərini və qardaşlarını yola hazırlayırdılar. Şübhəyə heç bir əsas yox idi – həkim həqiqəti söyləmişdi.
Mən dərhal heç yerə getməməyi qərara aldım, çünki bu cür ağır hərbi şəraitdə dərbədər gəzməyin heç bir mənası yox idi. Əgər nəsibim həlak olmaqdırsa, qoy bu, evdə baş versin. Üstəlik, düşünürdüm ki, atamla Henrik gedəndən sonra kimsə anamla bacılarımın qayğısına qalmalıdır. Hərçənd ailə məşvərətində onların da evdə qalacaqları aydın oldu.
Anam yenə də bizi qaçmağa razı salmağa cəhd etdi. O, gözlərini bərəldərək həyəcan dolu səslə elə hey yeni əsaslar gətirir və bizi şəhəri tərk etməli olduğumuza inandırmağa çalışırdı. Biçarə qadın sonunda müqavimətimizi qıra bilməyəcəyini anlayanda qəşəng və nurlu üzündə rahatlıq və məmnunluq ifadəsi əks olundu: qoy nə olur olsun, yetər ki bunu birlikdə qarşılayaq.
Mən saat 8-dək gözlədim və hava qaralan kimi evdən çıxmağı qərara aldım. Varşava tanınmaz hala düşmüşdü. Şəhər bir neçə saatda necə bu dərəcədə dəyişə bilərdi axı?!
Bütün mağazalar bağlanmışdı, tramvaylar fəaliyyətini dayandırmışdı, bircə ağzınacan dolu maşınlar küçələrdə yüksək sürətlə şütüyürdü, hamısı da eyni istiqamət götürmüşdü. Hədəf Ponyatovski körpüsü idi. Marşalkovskaya küçəsilə isə əsgər dəstəsi addımlayırdı: özü də nəğmə oxuyaraq, cəsarətlə, ruh yüksəkliyi ilə! Bununla belə, həmin mənzərədə nəsə bir qəribəlik vardı: əsgərlər tüfənglərini necə gəldi tutmuş, konfederatkalarını[1 - Konfederatka – Polşa milli hərbi papağı] isə başlarına nizamnaməyə uyğun taxmamışdılar. Üstəlik, hər kəs öz bildiyi kimi addımlayırdı; əsgərlərin artıq çoxdan mütəşəkkil orduya xas dəqiq sazlanmış mexanizmin bir hissəsi olmadığı qıraqdan aydın görünürdü. Səkidə dayanmış iki qadın onlara çəhrayı astra atır və ara-sıra şövqlə nəsə çığırırdılar. Hərçənd buna heç kəs məhəl qoymurdu. İnsanlar tələsirdilər, görünür, Vislanın sağ sahilinə qaçmağa hazırlaşırdılar. Onlar çatdıra bilməyəcəklərindən qorxduqları üçün tələsirdilər – almanlar qəti hücuma keçməmiş yarımçıq işlərini tamamlamalı idilər.
İndi yoldan keçənlərin zahiri görkəmi də kifayət qədər əcaib idi. Varşava həmişə zərifliyi ilə fərqlənib. Sanki elə indicə dəbli jurnalların üz qabığından düşmüş xanımlar və cənablar, görəsən, qəfil hara yoxa çıxmışdılar?
Bu günsə Varşava küçələrində vurnuxanlar elə geyinmişdilər ki, sanki hansısa ov və ya turist maskaradına tələsirdilər. Ayaqlarında ordu və ya xizək çəkmələri, xizək şalvarı, başlarında yaylıq, çiyinlərində kürək çantaları, əllərində əsa adamlar az qala qaça-qaça gedirdilər, zahiri görkəmləri, mədəni görünüb-görünmədikləri onların zərrə qədər də veclərinə deyildi.
Hələ dünən tərtəmiz olan küçələri isə bu gün xirtdəyəcən zibil basmışdı.
Yan küçələrin birində elə indicə cəbhədən qayıtmış əsgərlər dayandı. Onlar hara gəldi sərələnmişdilər: həm səkidə, həm də işlək yolda. Üz-gözlərindən, hərəkətlərindən sonsuz yorğunluq və süstlük yağırdı. Onlar bu hallarını nəinki gizlətmir, əksinə, gözə soxurdular. Niyyətləri isə ətrafdakılara niyə cəbhədə deyil, burda olmalarının səbəbini çatdırmaq idi. Səbəb aydın idi: cəbhədə döyüşməyin artıq heç bir mənası qalmamışdı, bu, faydasız işə çevrilmişdi. Yaxınlıqda dəstə-dəstə dayanmış adamlar əsgərlərdən aldıqları məlumatları bir-birinə ötürürdülər. Xəbərlər xoşagələn deyildi…
Mən bilaixtiyar baxışlarımla səsucaldanı axtarmağa başladım. Bəlkə, onları yığışdırıblar? Yox. Onlar əvvəlki kimi öz yerlərində idi, sadəcə, susurdular…
Mən radioya tələsdim. Niyə xəbərləri səsləndirmirlər ki? Niyə heç kəs insanlara ürək-dirək verməyə, bu kütləvi qaçaqaçın qarşısını almağa çalışmır axı? Radio bağlı idi. Müdiriyyət şəhəri tərk etmişdi, bircə kassirlər işçilərə və yaradıcı əməkdaşlara tələm-tələsik üçaylıq müavinətlərini verirdilər.
– İndi biz nə edək? – burda yüksək inzibati vəzifə tutan əməkdaşın qolundan tutub soruşdum.
O mənə laqeyd baxışlarla nəzər saldı. Bu baxışlardan nifrət qarışıq qəzəb yağırdı. O dartınıb qolunu düşdüyü məngənədən azad etdi.
– İndi kim bunun hayındadır ki? – üstümə qışqırıb çiyinlərini çəkdi və qapını acıqla çırpıb bayıra qaçdı.
Bu lap ağ oldu. Heç kəs insanları saxlamağa çalışmır. Fənər dirəklərindəki reproduktorlar susur. Heç kəs küçələri təmizləmir. Nə çirkabdan, nə də çaxnaşmadan. Ya da adamları qorumaq əvəzinə onların qaçmasına yol verdiyi üçün çəkdiyi xəcalətdən.
Heç kəs şəhərə itirdiyi ləyaqətini qaytarmayacaq.
Bu, tam məğlubiyyətin tablosu idi. Mən içim göynəyə-göynəyə evə qayıtdım. Ertəsi günün axşamı ilk alman mərmilərindən biri evimizin qənşərindəki odun anbarına düşdü. Nəticədə döngədəki dükanın üzərinə cidd-cəhdlə ağ kağız zolaqları yapışdırılmış pəncərələri çilik-çilik oldu.
İLK ALMANLAR
Sonrakı günlər, Allaha şükür ki, vəziyyət xeyli yüngülləşdi. Şəhər qala elan olundu, komendant təyin etdilər. O, əhaliyə müraciət edərək adamları şəhərdə qalmağa və onun müdafiəsinə hazırlaşmağa səslədi. Artıq Buqun[2 - Buq – Ukrayna, Belarus və Polşa ərazisində yerləşən çay] arxasında Polşa hərbi hissələrinin əks-hücumu təşkil olunmuşdu, bizim öhdəmizə düşənsə qoşunlar özünü çatdıranacan Varşavanın girəcəyində düşmənin əsas qüvvələrini ləngitmək idi. Şəhərin özündə də vəziyyət yaxşılığa doğru dəyişmişdi: alman artilleriyalarının atəşi kəsilmişdi.
Əvəzində aviahücumlar çoxalmışdı. Artıq hava həyəcanı elan edilmirdi, çünki bu, şəhər həyatını həddən artıq iflic vəziyyətinə salır və müdafiəyə hazırlaşmağa mane olurdu. O payız qeyri-adi dərəcədə aydın olan səmada, demək olar, hər saat hava hücumundan müdafiə qüvvələrimizin atdığı mərmilərin dumanı ilə əhatələnmiş təyyarə siluetləri görünürdü. Onda dərhal zirzəmiyə qaçmalı olurduq, hərçənd bu da bir işə yaramırdı: sığınacaqların döşəmələri və divarları göydən yağan bombalardan lərzəyə gəlirdi. Üstəlik, bu bombalar lap «rus ruleti»ndəki güllə kimi binalardan hansınasa düşəndə həmin binanın zirzəmisində gizlənmiş adamların axırına çıxırdı.
Şəhərdə «təcili yardım» karetləri vurnuxurdu. Onlar üzərlərinə düşən vəzifənin öhdəsindən təkbaşına gələ bilməyəndə xarabalıqların altından yaralıları və ölüləri çıxarmaq üçün yardıma təkatlı faytonlar, hətta adi at arabaları qoşuldu.
Bununla belə, insanlar müsbət köklənmişdilər, ruh yüksəkliyi durmadan artırdı. Biz artıq sentyabrın 7-də olduğu kimi taleyin ixtiyarına buraxılmamışdıq. Biz indi öz qərargahı, döyüş sursatı və şəhəri qorumaq kimi aydın məqsədi olan mütəşəkkil ordunun bir hissəsi idik. Və bu məqsədə çatmaq təkcə bizdən asılı idi. İndi hər kəs əlindən gələni etməli idi.
Baş komandan əhalini alman tanklarının qarşısını almaq üçün şəhərin ətrafında xəndək qazmağa çağırdı. Bu işdə hamı iştirak edirdi. Bizim evdə mənzildən göz-qulaq olmaq və nahar hazırlamaq üçün bircə anam qalmışdı.
Biz şəhərkənarında, Vola rayonunda balaca bir təpə boyunca xəndək qazırdıq. Arxamızda xudmani evlərdən ibarət səliqəli rayon uzanırdı, qarşıda isə şəhər meşəliyi görünürdü. Buranı da bombalamasaydılar, gördüyümüz iş hətta zövqümü oxşaya bilərdi. Bombalar yaxına düşməsə də, onların fit səsini eşidəndə özümü heç yaxşı hiss etmirdim, axı hansısa olduğumuz yerə düşə bilərdi.
Birinci gün yanımda qoca yəhudi işləyirdi; əynində sürtük, başında təsək vardı. O, yeri lap qəzəblə qazırdı, əlindəki beli torpağa sanki qəddar düşməniymiş kimi batırırdı; ağzı köpüklənmiş, dişləri bir-birinə sıxılmışdı, yorğun üzündən tər sel kimi axır, əzələləri tir-tir titrəyirdi – adamın gözünə bircə qara sürtüyü, bir də saqqalı dəyirdi. Bu qədər qəzəb isə gördüyü işi nəticəsiz qoyurdu: əlindəki bel torpağa lap ucunda zorla girir, yığa bildiyi torpaqsa onu bayıra tullamağa macal tapmamış elə yenidən xəndəyə səpilirdi. O durmadan öskürür və arabir əlindəki bellə xəndəyin kənarına dayaqlanaraq yerə tüpürürdü. Ahıl qadınların gətirdiyi nanəli çayı isə üzü bəmbəyaz ağarmış halda içirdi. Torpaq qazmağa artıq fiziki gücləri çatmayan qarılar, heç olmasa, bu yolla bir işə yaramağa çalışırdılar.
– Bu sizin gücünüz çatan iş deyil, – fasilələrin birində qoca yəhudiyə dedim. – Bu qədər əziyyət çəkməkdənsə, işdən imtina etməniz yaxşı olar.
Ona yazığım gəlirdi, odur ki çalışırdım daşı ətəyindən töksün və artıq işləməsin. Qıraqdan da aydın görünürdü ki, qaldıra bilməyəcəyi yükün altına girib.
– Axı sizi buna heç kim məcbur etmir.
O, ağır-ağır nəfəs alıb mənə baxdı, sonra gözlərini göyə qaldırdı. Orda, mavi səmada mərmi buludları gəzişirdi. Qocanın gözlərində xoşbəxt bir ifadə yarandı, sanki göy üzündə bütün əzəməti ilə Yəhvanın özü peyda olmuşdu.
– Mənim mağazam var, – o pıçıldadı.
Qoca havanı dərindən ciyərlərinə çəkib hönkür-hönkür ağladı, bu dəfə üz-gözündən ümidsizlik yağdı və yenidən beldən yapışdı.
Mən iki gündən sonra bu işdən əl çəkdim. Dedilər ki, radioda yeni direktor, musiqi redaksiyasının sabiq şefi Edmund Rudniskinin rəhbərliyi ilə verilişləri bərpa etməyə hazırlaşırlar. Rudniski başqaları kimi qaçmamışdı, indi isə radioverilişləri yoluna qoymaq üçün ora-bura səpələnmiş əməkdaşları bir yerə yığırdı. Mən torpaq qazmaqdansa, radioda daha çox işə yarayacağımı düşündüm. Həqiqətən də, həm solist, həm də müşayiətçi kimi çox çalışırdım.
Şəhərdə həyat şəraiti gözgörəsi pisləşməyə başlamışdı: o, mülki əhalinin yüksələn mübarizliyi ilə tərs mütənasib olaraq ağırlaşırdı.
Alman artilleriyası əvvəlcə şəhərətrafını, sonra isə mərkəzi atəşə tutmağa başladı. Mən pəncərə yerləri boş qalmış, divarları dağılmış, ya da mərmi izləri gözə dəyən evlərə hər gün daha çox rast gəlirdim. Gecələr göy üzü qıpqırmızı rəngə boyanırdı, hava isə tüstü ilə dolurdu. Azuqə qıtlığı hiss olunurdu. Varşavanın qəhrəman prezidenti Stajinski bircə məqamda yanılmışdı: o, insanları ehtiyat üçün azuqə almaqdan çəkindirməməli idi. İndi şəhər təkcə özünü deyil, həm də qərbdən yaxınlaşan və müdafiə məqsədilə Varşavaya girməyə müvəffəq olan «Poznan» ordusunu yedizdirməli idi.
Təxminən sentyabrın 20-də ailəlikcə Slizkayadakı mənzili tərk edib Panskaya küçəsindəki dostlarımızın evinə daşındıq. Onlar ikinci mərtəbədə yaşayırdılar. Biz aşağı mərtəbələrin daha təhlükəsiz olduğunu və hava basqını zamanı ordan zirzəmilərə düşməyin vacib olmadığını düşünürdük. Hamı havasız, boğanaq bomba sığınağından qorxurdu; alçaq tavan sanki elə indicə uçacaq və adamları çoxmərtəbəli evin xarabalıqları altında qoyacaqdı. Bizdə dördüncü mərtəbədə vəziyyət daha bərbad idi: şüşəsiz qalmış pəncərə yerlərindən havada uçan mərmilərin fit səsi gəlirdi, onlardan istənilən biri bizim mənzilimizə də düşə bilərdi. Odur ki dostlarımızın yanına, ikinci mərtəbəyə köçməyi qərara aldıq, hərçənd ora artıq xeyli adam sığınmışdı. Tərpənməyə macal yox idi, üstəlik, döşəmədə yatmalı olurduq.
Bu arada Varşavanın mühasirəsi sona çatırdı.
Mən günü-gündən radioya yetişməkdə çətinlik çəkirdim. Küçələr meyitlərlə dolu idi, şəhərin ayrı-ayrı rayonları isə od-alova bürünmüşdü. Onları söndürməkdən söhbət belə gedə bilməzdi, üstəlik, şəhərin su kəməri də düşmən artilleriyası tərəfindən zədələnmişdi.
Studiyada işləmək təhlükəli idi. Alman silahları şəhərin bütün mühüm obyektlərini nişanlayır, diktor konserti elan edən kimi radiostansiyanı daha güclü şəkildə atəşə tuturdular.
Əhalinin sabotaj qarşısında qorxusu son həddə çatmışdı. Heç bir araşdırma aparılmadan hər kəs sabotajda günahlandırıla və güllələnə bilərdi.
Köçdüyümüz evin beşinci mərtəbəsində musiqi müəlliməsi yaşayırdı. Müəllimənin nə soyad – Hoffer, nə də xasiyyət sarıdan bəxti gətirməmişdi: qadın heç nədən qorxmurdu. Onun cəsurluğu daha çox əcaib xarakter daşıyırdı. Heç bir hava basqını bu qadını sığınacağa düşməyə, ya da hər səhər royalda iki saat davam edən məşqlərdən əl çəkməyə məcbur edə bilməzdi. O, eyvanında qəfəsdə oturmuş quşlara özünəməxsus inadkarlıqla gündə üç dəfə dən verirdi. Mühasirəyə alınmış Varşavada bu cür həyat tərzi çox qəribə görünürdü. Hər gün dalandarın otağına siyasi müzakirəyə yığışan qulluqçu qadınlar bunu olduqca şübhəli hərəkət kimi qələmə verdilər. Onlar uzun sürən məşvərətdən sonra belə bir nəticəyə gəldilər ki, yad soyadlı bu müəllimə, şübhəsiz ki, almandır və o, royalda öz ifası ilə düşmən aviasiyasına hara bomba atmaq lazım gəldiyi barədə şifrlənmiş siqnallar ötürür. Biz məsələnin fərqinə varmağa macal tapmamış gözlərini qan tutmuş arvadlar qadının mənzilinə soxulub onu zorla aşağı sürüdülər və quşlarla – casus fəaliyyətinə dair maddi sübutlarla birgə zirzəmilərdən birinə itələdilər. Bununla da özləri də bilmədən müəllimənin həyatını xilas etmiş oldular: bir neçə saatdan sonra qadının mənzili alman mərmisinin növbəti qurbanına çevrildi.
Sentyabrın 23-də mən sonuncu dəfə Polşa radiosunun mikrofonu qarşısında çıxış etdim. Radiostansiyaya necə çatdığımı heç özüm də bilmirəm. Yaxınlıqda bomba səsinin eşidilmədiyinə əmin olandan sonra yerimi dəyişə-dəyişə, elə hey evlərin alaqapısının altında gizlənə-gizlənə, üstəlik, qaça-qaça gedirdim. Radionun qapısı ağzında Varşava prezidenti Stajinski ilə toqquşdum. Səliqəsiz geyinmişdi, taraşlanmamış üzündən ölümcül yorğunluq yağırdı. Stajinski artıq bir neçə gün idi ki, yuxusuz idi. O, şəhər müdafiəçilərinin döyünən qəlbi və qəhrəmanı idi. Onun çiyinlərində Varşavanın taleyinə görə məsuliyyət yükü dururdu. Prezident eyni zamanda az qala hər yerdə idi: müdafiənin ön xəttini yoxlayır, səngərlər qurur, xəstəxanalara baş çəkir, azuqə ehtiyatının ədalətli şəkildə bölüşdürülməsinə nəzarət edir, hava hücumundan müdafiə və yanğınsöndürmə dəstələri hazırlayır, bütün bunlardan sonra varşavalılara gündəlik radiomüraciətlər etmək üçün də vaxt tapırdı. Hər kəs onun çıxışlarını səbirsizliklə gözləyir və müsbət enerji alırdı. Əgər prezident ruhdan düşmürdüsə, qorxaqlıq etməyə və təlaşlanmağa əsas yox idi. Üstəlik, hadisələrin gedişatı da o qədər acınacaqlı deyildi. Fransızlar «Ziqfrid xətti»nin qarşısını kəsmişdilər, ingilislər Hamburqu bombalayırdılar, yəqin ki, lap yaxınlarda Almaniyaya hücuma keçəcəkdilər. Hər halda, hamı bu cür düşünmək istəyirdi.
Həmin gün Şopeni ifa etməli idim. Bu, Polşa radiosunda konsertin sonuncu canlı yayımı idi, amma biz hələ bundan xəbərsiz idik. Studiyanın lap yaxınlığına bombalar yağır, qonşu evlər yanırdı. Qulaqbatırıcı gurultu səsindən royalda öz ifamı, demək olar, eşitmirdim. Konsertdən sonra evə yollanmaq üçün düz iki saat artilleriya atəşinin yavaşımasını gözləməli oldum. Valideynlərim, bacılarım və qardaşım artıq başıma nəsə gəldiyini düşünürdülər. Odur ki məni sanki o dünyadan qayıdıbmışam kimi qarşıladılar. Bircə evdəki qulluqçu hesab edirdi ki, təlaşlanmağın heç bir mənası yoxdur. Qadın fikrini bu cür əsaslandırdı: «Əgər sənədləri üstündədirsə, onsuz da onu evə gətirəcəkdilər…»
Həmin gün saat 4-də radio susdu. Raxmaninovun do-minor konsertinin lent yazısını verirdilər. Alman bombası elektrik stansiyasına tuş gələndə və şəhərdəki reproduktorlar susanda dinclik dolu ikinci hissə başa çatmaq üzrə idi. Axşam şiddətli artilleriya atəşinə baxmayaraq orkestrlə fortepiano üçün konsertino bəstələməyə çalışdım. Mən sonralar da, əslində, düz sentyabradək onun üzərində işləməyə cəhd etdim, hərçənd bu, günü-gündən daha çətin başa gəlirdi.
Şər qarışandan sonra pəncərədən boylandım. Alov işığına qərq olmuş küçə bomboş idi, müntəzəm partlayış səsləri onu lərzəyə gətirirdi. Solda Marşalkovskaya, arxamda Krulevskaya və Qjibovskaya meydanı, qarşıda Sennaya küçəsi od tutub yanırdı. Al-qırmızı tüstü burumları evlərin üzərindən göyə doğru qalxırdı. İşlək yola və səkilərə alman vərəqələri səpələnmişdi, heç kəs onları götürmür, zəhərli olduğunu deyirdilər. Küçə fənərinin yanında iki meyit vardı: birinin qolları geniş açılmış, digəri isə sanki yatmaq üçün uzanmışdı. Evimizin darvazasının ağzında başı bədənindən ayrılmış və qolu qopmuş qadın meyiti sərilib qalmışdı. Yanında üzüaşağı çevrilmiş vedrə vardı. Yəqin, kolonkadan su daşıyırmış. Meyitdən axan tündrəngli qan şırnağı qanova, ordan da kanalizasiya barmaqlığına axıb gedirdi.
Velka küçəsi tərəfdən Jelyaznaya ilə yavaş-yavaş təkatlı fayton gedirdi. Onun bura necə gəlib çıxdığı və atla faytonçunun sanki ətrafda heç nə baş verməyibmiş kimi özlərini niyə sakit aparması mənə qaranlıq qaldı. Faytonçu Sosnovaya küçəsinin kəsişməsində atın cilovunu çəkib hara burulacağını götür-qoy etdi. Azacıq düşünəndən sonra düz getmək qərarına gəldi və bu dəfə ata bir qamçı vurdu. Heyvan yavaş-yavaş irəliləməyə başladı. Onlar heç on metr getməyə macal tapmamış fit və gurultu səsləri eşidildi. Güclü partlayış gözlərimi qamaşdırdı, handan-hana qaranlığa öyrəşəndən sonra faytonun yox olduğunu gördüm. Geriyə evlərin divarlarının altına səpələnmiş qırıq-qırıq taxta parçaları, dişlə[3 - Dişlə – arabaya qoşulmuş qoşa atın arasında olub qabaq təkərlərin oxuna bənd edilən uzun ağac (red.)] və üzlük[4 - Üzlük – faytonun üzərinə çəkilmiş örtük (red.)] qalıqları, faytonçu ilə atın tikələri qalmışdı. Halbuki o, Sosnovaya küçəsinə burula bilərdi…
Sentyabrın 25-i və 26-da dəhşətli günlər başladı. Partlayış səsləri fasiləsiz uğultularla birləşmiş, alçaqdan uçan təyyarələrin elektrik burğusunun səsini xatırladan küyü də onlara qarışmışdı. Hər deşikdən özünə yol tapan toz və tüstü dumanı küçədən mümkün qədər uzaqda, zirzəmilərdə, ya da mənzillərdə gizlənən adamlara rahat nəfəs almağa imkan vermirdi.
Həmin günlər necə sağ qaldığımı heç özüm də bilmirəm. Dostlarımızın yataq otağında birgə gizləndiyimiz adam düz yanımdaca bomba qəlpəsindən həlak oldu. Təxminən iki sutka on adamla birgə darısqal ayaqyolunda gizlənməli olduq. Bir neçə həftə sonra bura necə pərçimləndiyimizi heç cür anlaya bilmədik və bunu təkrarlamağa çalışdıq, amma, sən demə, normal vəziyyətdə ora səkkiz nəfərdən artıq sığa bilmirmiş.
Sentyabrın 27-də, çərşənbə günü Varşava təslim oldu. Cəsarətimi toplayıb küçəyə çıxa bilməyim üçün mənə iki gün lazım gəldi. Evə ümidsiz vəziyyətdə qayıtdım: Varşava artıq mövcud deyildi.
Novıy Svyat küçəsi evlərin xarabalıqlarının arasından keçən dar cığıra çevrilmişdi. Hər dörd yolayrıcında başıaşağı çevrilmiş tramvaylardan və yerindən qopmuş səki daşlarından ibarət barrikadaları ötüb-keçmək lazım idi. Bəzi evlərin xarabalıqları hələ də tüstülənirdi. Meyitlər küçələrdəcə çürüyürdü. Şəhərin mühasirəsi zamanı dəhşətli aclıq çəkən adamlar hər addımda qarşılarına çıxan at cəsədlərinin üstünə cumurdular.
Yerusəlim xiyabanı ilə gedərkən Visla tərəfdən motosikletə minmiş iki əsgərin yaxınlaşdığını gördüm; onların əyinlərində mənə tanış olmayan yaşıl mundir, başlarında poladdan kaska vardı. Yekə və qaba üzlü, nəm gözlü əsgərlər motosikleti səkinin kənarında saxlayıb yaxınlıqdan keçən oğlan uşağını hayladılar. Uşaq yaxınlaşdı.
– Marshallstrasse! Marshallstrasse!
Onlar kobud səslə tutuquşu kimi eyni sözü təkrarlayırdılar. Təəccübdən ağzını ayırmış oğlan yerinə mıxlanıb qalmışdı, heç nə deyə bilmirdi.
Əsgərlərin səbir kasası daşdı. Biri burnunun altında söyüş söyüb həqarətlə əlini yellədi və qaza basdı, onlar getdilər.
Bu, ilk almanlar idi.
Bir neçə gündən sonra Varşava evlərinin divarlarına alman komendantının iki dildə müraciəti yapışdırıldı: o, alman dövlətinin adından Polşa əhalisinə iş və himayə vəd edirdi. Yəhudilərə isə ayrıca bir abzas həsr olunmuşdu – onların bütün hüquqlarının qorunmasına, əmlaklarının toxunulmazlığına və tam təhlükəsizliyinə zəmanət verilirdi.
ATAMIN TƏZİMLƏRİ
Biz Slizkayaya qayıdarkən mənzilimizi salamat görəcəyimizə ümid etmirdik. Hərçənd evdə bir-iki sınmış pəncərəni nəzərə almasaq, hər şey qaydasında idi. Gedərkən qıfılladığımız qapılar açılmamışdı, içəridə hər xırda şey öz yerində idi. Yaxınlıqdakı digər evlərin də bəxti gətirmişdi. Bir neçə gün sonra dostlarımızdan xəbər tutmaq üçün küçəyə çıxanda böyük bir hissəsi xarabazara çevrilsə belə şəhərdə həyatın davam etdiyini öyrəndik. Əslində, biz hava hücumundan sonra daha çox itkinin olduğunu düşünürdük.
Əvvəlcə həlak olanların sayının yüz mini ötdüyünü söylədilər və hər kəs Varşava sakinlərinin nə az, nə çox, düz on faizini təşkil edən bu rəqəmdən sarsıldı. Sonradan aydın oldu ki, qurbanların sayı təxminən iyirmi mindir. Ölənlərin arasında bizim dostlarımız da vardı – hələ bir neçə gün əvvəl onlar sağ idilər, indi isə bombalanma zamanı parça-tikə edilmiş vücudları xarabazarlıqların altında qalmışdı. Bacım Reginanın iki iş yoldaşı Kotikova küçəsində uçulmuş divarın altında qalıb həlak olmuşdu. Yaxınlıqdan keçəndə burnumu yaylıqla tutmalı olurdum. Çürüməkdə olan səksən meyitin üfunəti divarların dəliklərindən və zirzəmilərin qalaqlanmış pəncərələrindən keçərək bütün ətrafın havasını korlayırdı. Mazoveskayaya düşmüş artilleriya mərmisi dostlarımdan birini parça-tikə etmişdi. Bircə başının tapılması sayəsində məlum oldu ki, bu ət parçaları istedadlı skripkaçının vücudundan qalanlardır. Bütün bunlar dəhşətli xəbərlər idi.
Amma heç nə utandığından təhtəlşüurumuzun bir küncündə gizlənmiş az qala heyvani sevincə kölgə sala bilməzdi: sağıq və təhlükə artıq bizdən yan ötüb! Hələ bir ay əvvəl sarsılmaz dəyərlər çərçivəsinə sığan hər şey bu yeni gerçəklikdə öz əhəmiyyətini itirmişdi. Əvəzində əvvəllər azacıq diqqətə belə layiq olmayan şeylər yeni və özünə xas olmayan mühüm yer tutmağa başlamışdı: qəşəng və rahat kreslo, baxdıqca xoşhallandığın, üzərinə ağ kafel vurulmuş isti soba, üstümüzdəki mənzildən gələn döşəmə cırıltısı – normal həyatın, ev rahatlığının əlamətləri.
Musiqi məşğuliyyətinə ilk atam qayıtdı. O, saatlarla skripka çalır və bununla reallıqdan qaçırdı. Kimsə növbəti pis xəbərlə gəlib onu məşğuliyyətindən ayırmağa çalışanda üzündə qayğılı ifadə, alnını qırışdırıb dinləyir, amma dərhal da özünü toxtadıb deyirdi: «Eybi yoxdur! Onsuz da ən geci bir aydan sonra müttəfiqlər burda olacaq!» Bütün suallara verdiyi eyni cavab atama gerçəklikdən uzaq durmağa, özünü yaxşı hiss etdiyi səmavi musiqi dünyasına qapılmağa yardımçı olurdu.
Təəssüf ki, akkumulyatorlar sayəsində radioqəbuledicilərini işə sala bilənlərdən gələn ilk xəbərlər atamın nikbinliyi ilə üst-üstə düşmürdü. Belə məlum olurdu ki, bizi yaxşı heç nə gözləmir: nə fransızlar «Ziqfrid xətti»ni yarmağa cəhd edir, nə də ingilislər Hamburqu bombalamağa çalışırdılar, Almaniyaya girmək planlarından artıq söhbət belə gedə bilməzdi. Bu zaman Varşavada ilk basqınlar başladı. Onlar əvvəl-əvvəl bacarıqsız şəkildə həyata keçirilirdi, sanki hələlik insanlara bu cür alışılmamış üsulla əzab verməkdən çəkinirdilər. Üstəlik, bunu edənlərin təcrübəsi də az idi. Balaca şəxsi maşınlar şəhər boyunca gəzib-dolaşır, yaxınlıqdan ötüb-keçən yəhudilərin yanında qəfil dayanır, qapı açılır, oradan bir əl uzanır və qatlanmış şəhadət barmağı onları yanına çağırırdı: «Komm, komm!» Bu cür basqınlardan xilas olmuş adamlar ilk döyülmə hallarından danışmağa başlamışdılar. O zaman bu döyülmələr hələ təhlükəli deyildi və üzə zərbə, ya da bir-iki təpiklə məhdudlaşırdı. Həmin olayları alçaldıcı hesab edən kəslər bunu xüsusilə ağrılı qarşılayır, belə döyülmələri əxlaq nöqteyi-nəzərindən hər hansı heyvanın zərbələri, ya da təpikləri ilə bir tutmağın mümkünlüyünün fərqinə hələ varmırdılar.
Polşa hökuməti ilə ordu komandanlığının xaricə qaçması və ölkəni başlı-başına buraxması ilə bağlı ümumi qəzəb ilk vaxtlar almanlara olan nifrətdən daha güclü idi. Adamlar vaxtilə düşmənə hətta mundirdən bir düymə də verməyəcəyini vəd edən marşalın sözlərini kədərlə xatırlayırdılar. O, düyməni, həqiqətən də, verməmişdi, çünki Polşadan qaçanda mundiri özü ilə götürmüşdü. Bundan belə daha yaxşı olacağını, çünki almanların, nəhayət, Polşada nizam-intizam yaradacaqlarını deyənlər də tapılırdı.
Almanların hərbi nöqteyi-nəzərdən bizə qalib gəlmələrinə baxmayaraq onlar siyasi anlamda məğlubiyyətə uğramışdılar. Bu öz aydın təzahürünü 1939-cu ilin dekabrında Varşavada heç bir günahı olmayan kişilərin güllələnməsində tapdı. Elə həmin vaxt bir neçə saatın içərisində polyaklarla almanlar arasında nifrət divarı hörüldü. İşğalçılar sonrakı illərdə tez-tez xoşməramlı jestlər etsə belə bu divarı aşmaq mümkün olmadı.
Almanlar sərəncamlar verməyə başladılar, onları yerinə yetirməyənlər isə ölüm təhlükəsi ilə üz-üzə qalırdılar. Ən mühüm məqam çörək alveri ilə bağlı idi: onu müharibədən əvvəlki qiymətindən daha baha satmağa və ya almağa cürət edərək cinayət başında tutulan hər kəs güllələnməyə məruz qalırdı. Bu qadağa şok effekti doğurdu. Biz çörək yeməyin daşını atdıq, günlərlə kartof və müxtəlif xəmir xörəkləri yedik. Sonra Henrik çörəyin yoxa çıxmadığını, adamların onu rahatca aldığını və heç kəsin alıcıları güllələmədiyini müşahidə etdi. Onda biz də çörək almağa başladıq. Qadağa sonralar da ləğv olunmadı, müharibənin getdiyi beş il ərzində hamı çörək alır və yeyirdi, çünki əmri yerinə yetirməli olsaydılar, bütün general-qubernatorluq ərazisində milyonlarla insan güllələnməli idi. Daha bir həqiqəti anlamağımız üçün isə uzun müddət keçdi: əslində, təhlükəli olan almanların əmrləri deyildi, heç bir xəbərdarlıq edilmədən və ya əmr verilmədən başımıza qəfil gələ biləcəklər idi.
Tezliklə əsas etibarilə yəhudilərə qarşı yönəlmiş yeni təzyiqlər başladı. Artıq almanlar yəhudilərin mülklərini əllərindən alırdılar. Bir də elan olundu ki, heç bir ailə iki min zlotıdan artıq maddi vəsaitə sahib ola bilməz, dəyəri bu məbləği ötən zinət əşyaları və yerdə qalan pullar saxlanması üçün banka verilməli idi. Şübhəsiz ki, heç kəs əlindəkini könüllü şəkildə düşmənə verəcək qədər sadəlövh deyildi. Biz də olan-qalanımızı gizlətmək qərarına gəldik, hərçənd var-dövlətimiz bircə atamın qızıl cib saatından və nağd beş min zlotıdan ibarət idi.
Bunları harda gizlətməklə bağlı aramızda əməlli-başlı mübahisə düşdü. Atam ötən səfərki müharibə zamanı özünü doğrultmuş üsulu təklif etdi: masanın ayağını burğu ilə deşmək və pulları ora soxmaq.
– Birdən masanı götürsələr necə? – Henrik rişxəndlə soruşdu.
– Boş-boş danışma, – atam qəzəblə cavab verdi. – Bu cür masa onların nəyinə lazımdır ki?
O, nifrət dolu baxışlarını masanın üst taxtasının laklı səthinə dikdi – zamanında üzərinə tökülmüş hər şey burda öz izini buraxmışdı. Qoz ağacından düzəldilmiş faner bir yerdə qabarıb durmuşdu. Atam birdən masaya yaxınlaşıb barmağını həmin yerə soxdu. Faner parçası çatırtı ilə qopdu və onun altında yonulmamış ağac göründü. Bu, masanı olan-qalan gözəlliyindən də məhrum etməli idi.
– Nə edirsən? – anam özündən çıxdı.
Henrikin başqa təklifi var idi. Onun fikrincə, psixoloji üsula əl atmaq lazım idi – saatı və pulu masaya, lap görünən yerə qoymaq olardı, belədə almanlar onları sezməyəcəkdi, çünki başları hər cür mümkün xəlvət yerləri aşkarlamağa qarışacaqdı.
Sonda biz belə bir qərara gəldik: saatı dolabın altına, zəncirini atamın skripkasının futlyarına soxaq, pulları isə pəncərə çərçivəsinə yapışdıraq.
İnsanlar alman nizamının qəddarlığından qorxmamağa çalışır, Almaniyanın Varşavanı yaxın zamanda Sovet Rusiyasına verəcəyinə, Sovet İttifaqının isə, sadəcə, görünüş üçün aldığı torpaqları ilk fürsətdəcə Polşaya geri qaytaracağına ümid bəsləyirdilər. Buqada sərhəd hələ müəyyən edilməmişdi, Visladansa elə hey adamlar gəlib and içirdilər ki, Yablonnaya, ya da Qarvolinada öz gözləri ilə rus hərbi hissələrini görüblər. Bir çoxları isə inandırmağa çalışırdı ki, Vilnüs və Lvovu tərk edərək onları almanların nəzarəti altında buraxan ruslarla rastlaşıblar. Adam kimə inanacağını bilmirdi.
Yəhudilərin çoxu rusları gözləməməyi qərara aldılar. Onlar Varşavadakı mülklərini satıb şərqə yollandılar – bu, almanlardan qaça biləcəkləri yeganə istiqamət idi. Həmkarlarımın, demək olar, hamısı yola düşmək qərarına gəlmişdilər və məni onlarla birgə getməyə razı salmağa çalışırdılar, amma ailəmiz bu dəfə də qalmağa üstünlük verdi.
Tanışlarımızdan biri iki gündən sonra qayıtdı – nə kürək çantası vardı, nə pulu, üstəlik, döyülmüş və əlini hər şeydən üzmüş vəziyyətdə idi. O, sərhəd yaxınlığında qurşağacan soyundurulan, sonra da qollarından asılaraq döyülən beş yəhudi görmüşdü. Tanışımız həmçinin həkim Xaskileviçin ölümünün şahidi olmuşdu. Almanlar yeganə günahı Buqadan keçmək istəyi olan həkimi güllələyəcəkləri ilə qorxudub çaya girməyə və irəliləməyə məcbur etmişdilər. Sonunda biçarənin ayağı suyun dibinə çatmamış və o boğulmuşdu. Buna baxmayaraq bir çox yəhudi qarət olunsa və başı olmazın bəlalar çəksə belə Rusiyaya çata bilmişdilər. Mənim həmkarımın təkcə əşyalarını və pullarını qarət etmiş, özünü döymüş və hadisə yerindən qovmuşdular. Zavallıya ürəyimiz yandı, amma yenə də düşündük ki, o elə bizim kimi evdə qalsaydı, qat-qat yaxşı olardı. Qərarımızın əsasında isə məntiq deyil, nə qədər pafoslu səslənsə də, Varşavaya olan bağlılığımız dayanırdı.
«Bizim» deyəndə atamı çıxmaqla bütün yaxınlarımı nəzərdə tuturam. Onun qalmağının bircə səbəbi vardı: doğma Sosnovasından uzağa getmək istəmirdi. Varşavanı xüsusi olaraq heç vaxt sevməyib, üstəlik, biz burda daha çox əziyyət çəkdikcə o, doğma şəhəri üçün bir o qədər çox darıxır və onu ideallaşdırırdı. Təkcə ora qəşəng idi, təkcə orda insanlar musiqini sevirdilər, təkcə orda onu skripkaçı kimi qiymətləndirirdilər və təkcə orda yaxşı sərin pivə içmək olardı. Burda, Varşavada isə pivə əvəzinə iyrənc, dadsız bir şey verirdilər. Atam şam yeməyindən sonra əllərini qarnının üstündə çarpazlayıb kresloda yerini rahatlayır, xəyala dalıbmış kimi gözlərini yumur və monoton səslə hekayətinə başlayırdı. Beləcə, həyatımızı təkcə özünün darıxmış təsəvvüründə mövcud olan Sosnova xatirələri ilə bəzəyirdi.
Payızın son həftələrində, yəni almanlar Varşavaya soxulandan heç iki ay ötməmiş şəhər həyatı sanki birdən öz adi axarına qayıtdı. Sürət götürmüş iqtisadi canlanma hər şeyin tərsinə getdiyi bu ən qəribə müharibənin daha bir gözlənilməzliyi idi. Nəhəng, yarısı xarabazara çevrilmiş şəhərə – işsiz qalmış bütöv bir məmur ordusu olan paytaxta Sileziya, Pomorye və Poznandan çoxsaylı köçkünlər gəlirdilər. Başlarının üzərində damları olmayan, iş tapmaq şansından məhrum və gələcəkləri barədə heç nəyə ümid bəsləməyən bu adamlar birdən fərqinə vardılar ki, almanların qərarlarının üstündən keçməklə böyük pullar qazanmaq mümkündür. Bu qərarlar çoxaldıqca qeyri-qanuni qazanc imkanları da artırdı.
Həyat iki məcrada axmağa başladı. Birincisində insanlar yeni qanunlara boyun əyərək səhərdən axşamacan tər tökür və bunun qarşılığında yarıac-yarıtox dolanırdı. İkincisinə baş vuranlar, yəni varlanmaq üçün qəşəng imkanlar yaradan qeyri-qanuni yola əl atanlarsa – bunun üçün əməlli-başlı çiçəklənən dollar ticarətindən tutmuş brilyant, un, dəri və ya saxta sənəd alverinə qədər hər cür seçim vardı – edam təhlükəsi altında da olsa, günü-gündən varlanırdılar. Belələrinin əyləncə dolu həyatları dəbdəbəli restoranlarda keçirdi.
O zaman az adam firavan yaşayırdı. Hər dəfə evə qayıdarkən Sennaya küçəsindəki evin qarşısında kədərli rus nəğmələri oxuyan bir qadınla rastlaşırdım. Qadın həmişə şər qarışandan sonra dilənçilik etməyə başlayırdı, sanki kiminsə onu tanıyacağından qorxurdu. Əynindəki zərif kostyum sahibəsinin nə vaxtsa kübar birisi olduğundan xəbər verirdi. Qadının füsunkar üzü ala-toranın boz işığında cansız görünürdü, donuq baxışları yoldanötənlərin üzərində harasa bir nöqtəyə zillənmişdi. O, akkordeonda özünü müşayiət edərək məlahətli alçaq səslə oxuyurdu. Təpədən dırnağadək bütün vücudu, hətta divara necə söykənməsi belə bu qadının cəmiyyətin ali təbəqəsindən olduğunu hayqırırdı. Yalnız müharibə onu bu cür yaşamağa məcbur edə bilərdi. Hərçənd işləri pis getmirdi. Düz yanına qoyduğu qavalda – qoy heç kəs onun yardım gözlədiyinə şübhə etməsin – açıqrəngli lentlərlə bəzənmiş və yəqin ki, dilənçiliyin rəmzi kimi qəbul etdiyi bu qavalda həmişə çoxlu dəmir pul olurdu, bəzən hətta əlli zlotılıq əsginasa da rast gəlmək mümkün idi.
Mən də küçəyə təkcə şər qarışandan sonra düşməyə çalışırdım, hərçənd səbəblərim tam fərqli idi. Yəhudilərə qarşı çoxsaylı və məşəqqətli əmrlərdən biri şəksiz icra tələb edən yazılmamış qanun idi: yəhudi əsilli kişilər hər qarşılarına çıxan alman əsgərinə təzim etməli idilər. Bu sarsaq və alçaldıcı tələb Henriklə məni dəliyə döndərirdi. Belə vəziyyətə düşməmək üçün əlimizdən gələn hər şeyi edirdik. Uzaqdan yaxınlaşan alman görəndə küçənin o biri tayına keçirdik, görüş qaçılmaz olanda isə qarşımızdakını sanki sezməmişik kimi üzümüzü yana çevirirdik, hərçənd bu hər dəfə ən azı döyülmə ilə nəticələnə bilərdi.
Atam özünü tamamilə başqa cür aparırdı. O, gəzinti üçün ən qələbəlik küçələri seçir və almanları mübaliğəli, rişxənd dolu təzimlə salamlayırdı. Sonra da bu hərəkəti yanlış anlayan hərbçinin üzündə əmələ gələn təbəssümdən sonsuz zövq alır və ona köhnə tanışı kimi eyni təbəssümlə cavab verirdi.
Atam hər axşam evə qayıdanda necə məşhur bir şəxsiyyət olduğunu ötəri də olsa xatırlatmaqdan ləzzət alırdı: küçəyə çıxanda başına o qədər tanış yığışır ki, yaxasını onlardan heç cür qurtara bilmir, şlyapasını çıxarmaqdan isə lap yorulub. Bunu danışarkən gözlərindən cin yağırdı, üstəlik, əllərini bir-birinə sürtürdü.
Almanların bu cür təhqiramiz münasibətini kiçiltmək lazım deyildi. Bu bizi daim gərgin və əsəbi vəziyyətdə saxlamaq, sabaha ümid bəsləməmək üçün həyata keçirilən proqramın bir hissəsi idi. Elə həftə olmurdu ki, yeni sərəncamlar verilməsin. Bu sərəncamlar ilk baxışda əhəmiyyətli görünməsə də, almanların bizi unutmadığını, üstəlik, unutmağa da hazırlaşmadığını gözümüzə soxurdu. Yəhudilərə dəmir yolundan istifadəni qadağan etmişdilər. Biz tramvaydan istifadəyə görə arilərdən dörd dəfə çox ödəməli olurduq.
Belə bir vaxtda gettonun yaranması barədə ilk şayiələr yayıldı. Bu şayiələr düz iki gün şəhər boyunca dolaşaraq insanları vahimə içində saxladı, amma sonra qəfil kəsildi.
GETTO
O il payız uzandı, hərçənd noyabrın sonlarına doğru günəş daha gec-gec boylanmağa başladı, soyuq leysan yağış tökdü – belə günlərin birində ölüm ilk dəfə lap yanımızdan ötüb-keçdi. Bir axşam atam və Henriklə tanışlarımızın evində başımız söhbətə qarışdı, mən birdən saata baxanda dəhşət içində anladım ki, komendant saatına lap az qalıb. Təcili getmək lazım idi. Düzdür, evə onsuz da vaxtında çata bilməyəcəkdik, amma axı azacıq gecikəsi olsaq, böyük günah işlətməyəcəkdik ki. Odur ki risk etmək qərarına gəldik.
Paltolarımızı geyinib tələsik sağollaşdıq və küçəyə qaçdıq. Qaranlıq küçə bomboş idi. Yağış üzümüzə vururdu, şiddətli külək metal lövhələri əsdirirdi, hər yerdən gurultu səsi gəlirdi. Biz yaxalıqlarımızı yuxarı qaldırıb evlərin divarlarına sığına-sığına, mümkün qədər səssiz və tez-tez getməyə çalışırdıq. Döngədə jandarm patrul dəstəsi görünəndə artıq Zelnaya küçəsində idik, evə, demək olar, yaxınlaşmışdıq. Geri dönmək və ya gizlənməyin adı yox idi. Gözlərimizi qamaşdıran fənərlərin işığında eləcə dayanıb qaldıq, jandarmlardan biri üzümüzü rahat görə bilməsi üçün yaxına gəldi.
– Yəhudisiniz?
Sual daha çox ritorik idi, çünki o cavab gözləmirdi:
– Hə…
Onun səsində hədə və rişxəndlə yanaşı, təntənə də vardı – axı əlinə əla fürsət düşmüşdü. Onların nə edəcəyinin fərqinə varmağa macal tapmamış bizi üzü divara dirədilər, sonra bir neçə addım geri çəkilib avtomatlarının çaxmağını çəkdilər. Deməli, ölüm bu cür olurmuş, bizim ölümümüz… Onu artıq bir neçə saniyədən sonra qarşılayacağıq. Sonra kəllələri dağılmış şəkildə, qan gölü içində səhərəcən uzanıb qalacağıq, ta ki anamla bacılarım hadisədən xəbər tutub bura qaçıb gələcəklər. Tanışlarımız bizi gec saatda buraxdıqları üçün özlərini yeyib bitirəcəklər. Beynimdən bax bu cür fikirlər gəlib-keçdi, amma mən yenə də sanki nə baş verdiyini dərk etmirdim. Kiminsə pıçıldadığını eşitdim:
– Bu sondur!
Yalnız bir an sonra anladım ki, bu mənim öz səsimdir. Kimsə hündürdən ağlayırdı. Mən başımı çevirib fənər işığında yaş asfaltda dizi üstə dayanmış atamı gördüm. O, hönkürə-hönkürə jandarmlara yalvarırdı ki, bizi öldürməsinlər. Necə belə alçala bilirdi ki?! Henrik atamın üzərinə əyilib qulağına nəsə pıçıldadı və onu ayağa qaldırmağa çalışdı. Həmişə öz sarkazmı ilə seçilən qardaşım sanki həmin an şəfqət təcəssümünə çevrildi. Onu heç vaxt belə görməmişdim. Yəqin, bu günəcən daxilində iki adam daşıyırmış və mən ikincisini, ondan tamamilə fərqlənəni əvvəllər tanımış olsaydım, biz hər dəqiqəbaşı dalaşmaz, bir-birimizlə əla dil tapardıq. Mən yenə üzümü divara çevirdim. Vəziyyət ümidsiz idi. Atam ağlayır, Henrik onu sakitləşdirməyə çalışırdı, almanlarsa avtomatlarını bizə tuşlamışdılar. Fənər işığı gözlərimizi qamaşdırdığından onları görə bilmirdik. Birdən hansısa an ölümün bizdən yan keçdiyini anladım. Bu, qeyri-iradi şəkildə baş verdi. Onlardan biri bağırdı:
– Peşəniz?
Henrik sanki xüsusi heç nə baş verməyibmiş kimi qeyri-adi soyuqqanlılıqla hamımızın əvəzinə cavab verdi:
– Biz musiqiçiyik.
Jandarmlardan biri yaxınlaşıb boynumdan tutdu və elə qəzəblə silkələdi ki, sanki bizi öldürmək fikrindən özü vaz keçməyib.
– Bəxtiniz gətirib ki, mən də musiqiçiyəm! – sonra elə ilişdirdi ki, zərblə divara dəydim. – Cəhənnəm olun burdan!
Biz irəli qaçıb mümkün qədər tez zülmətə qarışmağa tələsdik, yetər ki fənər işığından qurtula bilək. Axı jandarmlar fikirlərini dəyişə də bilərdilər. Uzaqlaşarkən arxada mübahisənin qızışdığını eşitdik. Digər iki jandarm xilaskarımızı layiq olmadığımız halda bizə acıdığına görə məzəmmət edirdi. Axı günahsız almanların həlak olduğu bu lənətə gəlmiş müharibə şəksiz bizim ucbatımızdan başlamışdı.
Almanlar varlandıqları sürətlə də cəhənnəmə vasil olsaydılar, nə vardı ki! Alman quldur dəstələri hər ötən gün daha tez-tez yəhudilərin yaşadıqları mənzillərə soxulur, bütün qiymətli əşyalarını və mebeli mənimsəyir, onları yük maşınlarına dolduraraq aparırdılar. Qorxuya düşmüş insanlar dəyərli hər şeydən qurtulmağa çalışır, evdə yalnız diqqəti cəlb etməyəcək ən sadə şeyləri saxlayırdılar. Biz də bacardığımız qədər çox şeyi satdıq, amma bunu basqın qorxusu altında etmədik, sadəcə, vəziyyətimiz günü-gündən pisliyə doğru gedirdi. Ailədə heç birimizin alverçi bacarığı yox idi. Regina bəxtini sınadı, amma onda da heç nə alınmadı. Bacım bir hüquqşünas kimi çox ədalətli idi, ona görə də bazara çıxardığı əşyanı dəyərindən ikiqat artığa sata bilmirdi. Odur ki tezliklə ticarət fikrindən vaz keçdi və repetitorluğa başladı. Atam, anam və Qalina musiqi dərsləri, Henriksə ingilis dili dərsi keçirdi. O zaman bircə mən özümü işləməyə məcbur edə bilmirdim. Dərin bir depressiyaya düşmüşdüm, nadir hallarda bəstələdiyim konsertino üçün instrumentovka[5 - İnstrumentovka – bir musiqi əsərini orkestrdə çalmaq üçün uyğunlaşdırma] ilə məşğul olurdum.
Noyabrın ikinci yarısında almanlar heç bir izah vermədən Marşalkovskaya küçəsinin şimal hissəsini tikanlı məftillə çəpərləməyə başladılar. Ayın sonunda isə əvvəl-əvvəl heç kəsin inanmaq istəmədiyi bir elan gözə dəydi. Nə qədər qara düşüncələrə qərq olsaq da, bu qədərini gözləmirdik: bütün yəhudilər dekabrın 1-dən başlayaraq üzərinə ağ-mavi rəngdə Davud ulduzu tikilmiş ağ sarğılar taxmalıydı. Son müddət dekabrın 5-i idi. Beləcə, qolumuzda nümayişkaranə damğa daşımaqla «kəsilməyə göndərilən mal-qara» kimi kütlədən seçilməliydik. Bu, yüz illər boyunca humanizmə doğru gedən bəşəriyyətin qət etdiyi yolun üzərindən qalın bir xətt çəkmək idi. Bu, qaranlıq orta əsrlərdə tətbiq edilən amansız, alçaldıcı üsullara qayıdış idi.
İndi ziyalı yəhudi tanışlarımızın çoxu könüllü şəkildə həftələrlə ev dustağı vəziyyətinə qatlaşırdı. Heç kəs qolunda sarğı küçəyə çıxmağa cürət etmirdi. Evdən çıxmaq qaçılmaz olanda sezdirmədən ötüb-keçməyə çalışır, baxışlarımızı yerə zilləyir, həm ağrı çəkir, həm də xəcalət təri tökürdük.
Uzun olduğu qədər ağır qış ayları gəldi. Sanki şaxta da qəsdimizə durur və almanlara varşavalıları təqib etməkdə yardımçı olurdu. Havanın temperaturu həftələrlə elə aşağı düşürdü ki, Polşanın ən qocaman sakinləri belə sonuncu dəfə nə zaman bu cür sərt qış keçirdiklərini xatırlaya bilmirdi. Kömür əldə etmək, demək olar ki, mümkün deyildi, onun qiyməti günü-gündən kəlləçarxa qalxırdı. Yadımdadır, elə günlər olurdu ki, buz kimi mənzildə tək əlacımız yataqdan qalxmamaq olurdu.
Ən şaxtalı günlərdə Polşanın qərb vilayətlərindən Varşavaya yəhudilərlə dolu qatarlar gəlməyə başladı. İnsanların çoxu elə yoldaca tələf olmuşdu. Doğma yurdlarından didərgin düşmüş və uzun yol qət etməli olan biçarələri soyuq vaqonlarda ac-susuz gətirirdilər. Vaqonlar təyinat yerinə çatanda gətirilənlərin yarısından azı sağ qalırdı, onların da çoxu ağır şəkildə donmuş olurdu. Ölənlərin meyitləri yer darısqal olduğundan məcburən bir-birinə sıxılmış sağ qalanların arasında dimdik durur, vaqonların rəzələri açılan kimi isə yerə yumbalanırdılar.
Sanki bundan daha betər heç nə baş verə bilməzdi. Amma bu yəhudilərə belə gəlirdi. Nasistlər tam fərqli düşünürdülər. Alman prinsiplərinə uyğun olaraq günü-gündən güclənən terror yeni sərəncamlara imza atdı. Birinci sərəncama görə, yəhudilər həbs düşərgələrinə işə getməli idilər. Biz orda «ari irqinin sağlam vücudunda parazit»liyin daşını atmaq üçün zəruri ictimai tərbiyə almalı idik. Düşərgəyə on iki yaşından tutmuş altmış yaşınadək sağlam kişilər və on dörd yaşından qırx beş yaşınadək qadınlar yollanmalı idilər. İkinci sərəncam qeydiyyat və göndərilmə ilə bağlı idi. Almanlar bununla özləri məşğul olmaq istəmirdilər və onu yəhudi icmasına tapşırmaq qərarına gəlmişdilər. Biz özümüz özümüzün cəlladı olmalı, öz sonumuzu özümüz müəyyənləşdirməli, belə demək mümkündürsə, almanların qanuniləşdirdiyi intiharı gerçəkləşdirməli idik. Göndərilmə yazın əvvəlinə planlaşdırılmışdı.
Yəhudi icması ziyalıları qorumaq üçün əlindən gələni əsirgəməməyi qərara aldı. Min zlotı qarşılığında siyahıya salınmış adamın adı silinir və hər hansı bir yəhudi proletarı ilə əvəzlənirdi. Şübhəsiz ki, min zlotının hamısı bu bədbəxtlərin əlinə düşmürdü: həyatlarını araq və məzə ilə bəzəmələri üçün icma rəhbərlərinin həmçinin pula ehtiyacları vardı.
Nəhayət, yaz gəldi. Gözlənilən göndərilmə həyata keçirilmədi. Bu növbəti dəfə təsdiqlədi ki, almanların heç də bütün rəsmi sərəncamları icra olunmur. Əksinə, yəhudilərlə almanlar arasında bir neçə ay sürən gərgin münasibətlərin buzları əriməyə başladı. Özü də sanki hər iki tərəfin fikri cəbhədə baş verənlərdə qaldıqca bu ərimə daha gerçək vəziyyət alırdı.
Biz müttəfiqlərin qış boyunca sakitcə hazırlaşacaqlarına və yazda həm Fransadan, həm Belçikadan, həm də Niderlanddan almanlara hücuma keçəcəklərinə, «Ziqfrid xətti»nin yarılacağına, onların Bavariyanı, Saar kömür hövzəsini və Almaniyanı tutacaqlarına, Berlinə girəcəklərinə və ən geci yayda Varşavanı azad edəcəklərinə ümid bəsləyirdik. Şəhər bu hücumu bir bayram kimi həyəcan içində gözləyirdi. Həmin arada almanlar Danimarkaya girdilər ki, bu da yerli «siyasətçi»lərimizin fikrincə, heç nəyi dəyişməyəcəkdi – onlar orda onsuz da mühasirəyə düşəcəkdilər.
Mayın 10-da hücum başladı, amma hücuma müttəfiqlər deyil, almanlar keçdi. Niderland ilə Belçika təslim oldu, Fransa təcavüzə məruz qaldı, amma yenə də ümidi itirməyinə dəyməzdi. 1914-cü il təkrarlanırdı. Hətta fransız qoşunlarının başında elə o dövrdəki adamlar dururdu: Peten, Veyqan – Foşa məktəbinin ən yaxşı komandirləri. Onların bu dəfə də almanları əvvəlkindən pis dəf etməyəcəklərini gözləmək olardı.
Mayın 20-si günorta yanıma tanış skripkaçı gəldi. Birlikdə Bethovenin çox sevdiyimiz, amma çoxdan çalmadığımız sonatalarından birini xatırlamaq istəyirdik. Bir neçə dostumuz da gəldi və anam mənə xoş olsun deyə nahar hazırladı. Gözəl günəşli gün idi, biz qəşəng qəhvə içir, anamın bişirdiyi piroqlardan yeyirdik, hamının kefi kök idi; almanların Parisə yaxınlaşdıqları artıq məlum idi, amma heç kəs xüsusi olaraq təşviş keçirmirdi, axı hələ Marna – təbii müdafiə sərhədi qalırdı. Burda hər şey Şopenin skerso si minorunun ikinci hissəsindəki fermata[6 - Fermata – çalarkən, ya oxuyarkən səsi bir qədər uzatmaq və ya ara vermək lazım gəldiyini göstərən işarə] kimi dayanmalı idi, bundan belə almanlar elə hücuma keçdikləri sürətlə də öz sərhədlərinədək geri çəkilməli idilər. Üstəlik, müttəfiqlər bununla da kifayətlənməyib son qələbə akkordlarını vurmalıydılar.
Biz qəhvəmizi içib ifa etməyə hazırlaşdıq. Mən yaxşı ifanı qiymətləndirməyi və musiqidən zövq almağı bacaran diqqətli dinləyicilərin əhatəsində royal arxasına keçdim. Sağımda skripkaçı, solumda isə notları çevirmək üçün Reginanın gənc və gözəl rəfiqəsi dayanmışdı. Adama xoşbəxtlik üçün bundan artıq nə lazım idi ki?! Biz telefonla zəng etmək üçün aşağı mərtəbədə yerləşən dükana getmiş Qalinanı gözləməli olduq. O, geri qayıdanda əlində adını xatırlamadığım qəzetin xüsusi buraxılışı vardı. Baş səhifədə mətbəədə tapıla biləcək ən iri hərflərlə bu kəlmələr çap olunmuşdu: PARİS ƏLƏ KEÇİRİLİB!
Mən başımı royalın üzərinə salıb müharibə başlayandan bəri ilk dəfə hönkürdüm.
Zəfərlərindən məst olmuş almanlar indi onun dadını çıxarandan sonra yenə yaxamızdan yapışacaqlar, hərçənd Qərb cəbhəsində müharibə gedərkən də onların bizi unutduqlarını söyləmək olmazdı. Qarətlər, yəhudilərin köçürülməsi və Almaniyaya işləməyə göndərilməsi ara verməmişdi, amma buna artıq öyrəşməyə macal tapmışdıq. İndi bunlardan da betər şeyləri gözləmək lazım idi.
Sentyabrda ilk sürgünlər həyata keçirildi – yəhudilər Beljis və Xrubeşovdakı düşərgələrə göndərildi. Orda meliorasiya işlərində «düzgün tərbiyə» alan yəhudilər günlərlə qurşağacan su içində dayanıb çala qazırdılar. Onlara sutka ərzində yüz qram çörək və bir boşqab duru şorba verirdilər. İş vəd olunduğu kimi, iki il deyil, cəmi üç ay çəkirdi, amma elə bu müddət də həmin adamların tamamilə gücdən düşməsi üçün bəs edirdi. Üstəlik, çoxu da vərəmə yoluxmuşdu.
Varşavada qalan bütün kişilərsə işə yazılmalı və həftədə minimum altı gün fiziki işlə məşğul olmalı idi. Bundan yayınmaq üçün əlimdən gələni edirdim. Əsas da barmaqlarıma görə: buğumların cüzi şəkildə belə zədələnməsi, əzələlərin azacıq dartılması, ya da yüngül bir zədələnmə pianoçu karyerasına son qoymaq üçün kifayət edirdi. Henrik bu məsələyə tamamilə başqa cür yanaşırdı: onun fikrincə, yaradıcı işlə məşğul olan hər kəs ağır fiziki əməyi də sınaqdan keçirməli, onun nə bahasına başa gəldiyini öyrənməlidir. Odur ki qardaşım da könüllü şəkildə işə yazıldı və bununla da təhsilini davam etdirmək imkanından məhrum oldu.
Tezliklə hər kəsi sarsıdacaq iki hadisə baş verdi: birincisi, almanların İngiltərəyə hava basqını, ikincisi, gettoya aparan küçələrdən asılmış elan lövhələri idi. Bu elan lövhələri rayonda yatalaq xəstəliyinin yayıldığını xəbər verir və insanların ordan uzaq gəzməsi barədə xəbərdarlıq edirdi. Tezliklə almanların polyak dilində nəşr etdikləri yeganə Varşava qəzetində həmin mövzu ilə bağlı rəsmi açıqlama verildi: yəhudilər ictimai ziyanlı elementlərdir və yoluxucu xəstəliklər yayırlar! Onları heç də gettoda qıfıllamırdılar, bu sözün özü tamamilə yersizdir. Axı almanlar alicənab və mədəni xalqdır, onlar hətta yəhudilər kimi parazitlər üçün heç vaxt getto yaratmazdılar – axı yeni Avropa nizamı getto kimi orta əsrlər qalığı ilə bir araya gələ bilməz. Əksinə, şəhərdə təkcə yəhudilərin yaşayacağı ayrıca rayon təşkil etmək planlaşdırılır. Onlar orda özlərini azad hiss edəcək, öz ayinlərini həyata keçirəcək və öz mədəniyyətlərini çiçəkləndirəcəklər. Bu rayon müstəsna olaraq gigiyena nöqteyi-nəzərindən hasarlanıb – yatalaq və digər «yəhudi» xəstəlikləri Varşavanın yerdə qalan əhalisinə keçməsin deyə. Açıqlama gettonun sərhədlərinin dəqiq göstərildiyi şəhər xəritəsi ilə müşayiət olunurdu.
Bizsə küçəmizin bütünlüklə gettonun içində qaldığına və yeni mənzil axtarışına çıxmaq əzabına qatlaşmadığımıza görə şükür etməli olduq. Şəhərin başqa hissələrində yaşayan yəhudilər bizimlə müqayisə edilməyəcək dərəcədə pis vəziyyətlə üzləşdilər. Onlar oktyabrın sonunadək getto hüdudunda yeni yaşayış yeri tapmaq üçün külli miqdarda dəbbə pulu ödəməli oldular. Ən bəxti gətirənlər gettonun Yelisey çöllərinə çevrilmiş Sennayada, ya da ona yaxın ərazidə boş otaqlara köçdülər. Yerdə qalanlar Qusinaya, Drakonya və Zamenxofa küçələrində yəhudi kasıblarının lap çoxdan məskunlaşdığı natəmiz məkanlarla kifayətləndilər. Gettonun çıxışını noyabrın 15-də bağladılar. Həmin axşam Sennaya küçəsinin Jelyaznaya ilə kəsişdiyi yerdə bəzi işlərim vardı. Yağış yağsa da, ilin bu fəsli üçün son dərəcə mülayim hava idi. Qaranlıq küçələrdə qollarında ağ sarğılı adamlar qaynaşırdı. Onlar qəfəsə salınmış və hələ ona öyrəşməyə macal tapmamış heyvanlar sayağı həyəcanla ora-bura qaçırdılar. Evlərin divarlarının dibində yağışdan islanmış və palçığa batmış pərqu topalarının üstündə uşaqlı qadınlar ağlaşırdılar, əslində, övladları da onlardan geri qalmırdı. Bu, son anda gettoya gətirilmiş və burda ən bərbad otağı belə əldə etmək imkanından məhrum yəhudi ailələri idi. Ən çoxu yüz min nəfərin yerləşə biləcəyi və əhalisi artıq həddən ziyadə sıx olan rayonun ərazisində indi yarım milyondan artıq adam yaşamalı idi.
Yenicə yonulmuş ağacdan düzəldilmiş kvadrat darvazalar zülmət küçənin fonunda fənər işığında aydın seçilirdi. Bu darvazalar gettonu eyni şəhərdə kifayət qədər geniş ərazidə yaşayan azad insanların dünyasından ayırırdı.
Bundan belə heç birimizin həmin sərhədi keçməyə ixtiyarımız yox idi.
Bir gün atamın dostu ilə qarşılaşdım. Həmçinin musiqiçi olan bu adam elə atam kimi mülayim xasiyyətli və qayğısız birisi idi.
– Hə, bütün bu baş verənlər barədə nə düşünürsünüz? – o, əsəbi şəkildə güldü və əli ilə izdihamı, divarları və getto darvazalarını göstərdi.
– Nə düşünürəm? – mən sualı təkrarladım. – Onlar axırımıza çıxacaqlar.
Amma qoca dediklərimlə heç cür razılaşmaq istəmirdi, ya da razılaşmaq iqtidarında deyildi. O, yenidən qəhqəhə çəkərək – bu dəfə bir qədər süni şəkildə – çiynimi şappıldatdı və ucadan dilləndi:
– Kefinizi pozmayın! – o, paltomun düyməsindən yapışıb öz çəhrayı sifətini yaxınlaşdırdı və əminliklə – hərçənd, bəlkə, bu məqamda da mahir aktyor kimi rola girmişdi – bəyan etdi: – Onsuz da bizi tezliklə buraxacaqlar. Amerikalılar bundan xəbər tutan kimi…
XLODNAYA KÜÇƏSİNDƏ RƏQSLƏR
1940-cı ilin noyabrından 1942-ci ilin iyununadək Varşava gettosunda yaşadıqlarımız barədə xatirələrimi parçalara ayıra və onları gündəlikdə olduğu kimi, xronoloji qaydada düzə bilmirəm – bu iki ilin bütün olayları bir gündə qovuşur. Əlbəttə ki, bu və ya daha sonrakı dövrə aid olan bir çox fakt indi hamıya məlumdur. Onlardan biri – insanların ovlanmasıdır. Almanlar bu vəhşi üsulu işğal etdikləri bütün Avropa ölkələrinin əhalisinə qarşı tətbiq edirdilər. Məqsədsə adamları işlək heyvana çevirmək idi. Hərçənd gettoda bu təcrübəyə 1942-ci ilin yazında qəfil son qoyuldu. Yəhudiləri başqa məqsədlər üçün qoruyub saxlayırdılar. Ov mövsümü öncəsi olduğu kimi, onları hələ ki qoruyurdular. Yetər ki planlaşdırılmış böyük ov dəbdəbəli keçsin və heç kəsi peşman etməsin. Yəhudiləri elə yunanlar, fransızlar, belçikalılar və ya hollandlar kimi qarət edirdilər, yeganə fərq bunun daha müntəzəm və qanuniləşdirilmiş şəkildə baş verməsi idi. Müvafiq səlahiyyətləri olmayan almanlar gettoya girə və bizi soya bilməzdilər. Bu cür səlahiyyət Üçüncü reyxin qarəti leqallaşdıran qanununa uyğun olaraq özü də təkcə komendantın sərəncamı ilə alman polisinə verilmişdi.
1941-ci ildə Almaniya Rusiyaya hücum etdi. Gettoda hər kəs nəfəsini içinə çəkərək almanların növbəti hücumunun nə ilə başa çatacağını gözləyirdi. Onlar əvvəl-əvvəl nasistlərə, nəhayət, layiqli müqavimət göstəriləcəyinə bihudə ümid bəsləsələr də, sonradan öz aqibətlərinə və bütünlükdə bəşəriyyətin gələcəyinə görə şübhə dolu qorxu hissi keçirməyə başladılar. Bu qorxu və şübhələr Hitlerin qoşunları Rusiyanın dərinliklərinə doğru irəlilədikcə daha da artırdı. Hərçənd almanlar ölüm təhdidi altında yəhudilərin bütün xəz məmulatlarını müsadirə edəndə həmin duyğu nikbinliklə əvəzlənirdi. Belə ki, bu hərəkətlər adamı istər-istəməz düşünməyə sövq edirdi: madam ki qələbə tülkü və qunduz xəzindən hazırlanmış jaketlərdən asılıdır, bəlkə, onların işləri heç gözümüzə soxduqları kimi yaxşı getmir.
Gettonun sərhədləri daralırdı. Onun ərazisini bir ucdan kiçildirdilər, elə almanların hər ölkəni işğal etdikdən sonra Avropanın azad hissəsinin ətrafında sərhədi sıxlaşdırdığı kimi… Sanki Varşava gettosu almanlar üçün heç də Fransadan az problemli deyildi, Zlotaya və ya Jelyaznaya küçələrinin ondan ayrılması isə almanların yaşayış məkanının genişləndirilməsi üçün elə Elzasla Lotaringiyanı Fransadan ayırmaq qədər mühüm idi. Amma yenə də daim eyni fikrin altında əzilməli olurduq (və heç nə bizi onun qədər incitmirdi): Hamımız dustağıq! Zənnimcə, azadlığımızı daha aydın hiss edilə biləcək şəkildə məhdudlaşdırsaydılar, başımıza gələnlərə nisbətən daha rahat qatlanardıq; məsələn, bizi dustaqxana kamerasına salsaydılar… Bu cür təcridolunma gün kimi aydındır və bizim ətraf dünya ilə münasibətimizi aşkar müəyyənləşdirərdi. Axı, heç olmasa, orda bizi nə gözləyəcəyini bilirdik: dustaqxana yalnız arzulaya biləcəyin normal həyatın hətta görüntüsündən belə məhrum olan fərqli reallıqdır. Orda hər şey dustaqxana mövcudluğu ilə yüklənib – gettoda isə hər yer və hər şey illüziya örtüyünə bürünüb – harda olursan ol, hər dəqiqə, hər addımda sənə itirdiyin azadlığı xatırladır. Getto həyatı normaldan az fərqləndikcə ona qatlanmaq daha da çətinləşirdi. Küçəyə çıxarkən adi şəhərdə olduğunu düşünə bilərdin. Qollardakı sarğılardan artıq heç kəs utanmırdı – hamının qolunda bu cür sarğı vardı. Gettoda bir müddət yaşadıqdan sonra isə ona necə öyrəşdiyimin fərqinə vardım. Müharibə illərindən öncəki dostlarım yuxularıma girəndə onların qolunda sarğı görürdüm. Bu sarğılar sanki kostyumlarının ayrılmaz hissəsi idi, lap elə qalstuk, ya da burun yaylığı kimi. Hərçənd gettonun küçələri heç yerə aparmırdı. Onların sonunda daim divar olurdu. Mən tez-tez baş alıb gedir və sonda burnum həmişə divara dəyirdi. Özü də bu divar qarşıma qəfil çıxırdı. Arzuladığım halda yolumu davam etdirməyin mümkün olmamasının heç bir məntiqi izahı yox idi. Divarın o tayındakı küçə mənim üçün böyük əhəmiyyət kəsb etməyə başlayırdı, sanki həyatımın ən qiymətli parçasıymış kimi onsuz keçinə bilmirdim. Orda baş verənlərin iştirakçısı olmaq üçün yer üzündəki hər şeydən keçməyə hazır idim… Beləcə, suyu süzülə-süzülə, dilxor halda geri qayıdırdım və bu hər gün təkrarlanırdı. Gettoda restorana və ya kafeyə getmək olardı. Biz orda dostlarımızla görüşür və onlarla elə dünyanın istənilən başqa kafesində olduğu kimi, xoş bir axşam keçirdiyimizi düşünürdük. Amma məclisdə oturanlardan biri gec-tez ağzından qaçırırdı ki, istirahət günlərində elə bu dəstə ilə Otvoska baş çəkmək pis olmazdı. Axı indi yay mövsümüdür, günəş hələ uzun müddət kürəyimizi isidəcək və bu olduqca sadə niyyətin qarşısında heç nə dura bilməz. İstəsək, elə indicə gedə bilərik. Bircə qəhvənin pulunu ödəyib küçəyə çıxmaq, dostlarla deyə-gülə vağzala getmək, bilet alıb şəhərkənarı qatara minmək qalır. Biz gettonun qapalı divarları arasında dəyişik saldığımız xəyali dünyada idik…
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289559) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Konfederatka – Polşa milli hərbi papağı
2
Buq – Ukrayna, Belarus və Polşa ərazisində yerləşən çay
3
Dişlə – arabaya qoşulmuş qoşa atın arasında olub qabaq təkərlərin oxuna bənd edilən uzun ağac (red.)
4
Üzlük – faytonun üzərinə çəkilmiş örtük (red.)
5
İnstrumentovka – bir musiqi əsərini orkestrdə çalmaq üçün uyğunlaşdırma
6
Fermata – çalarkən, ya oxuyarkən səsi bir qədər uzatmaq və ya ara vermək lazım gəldiyini göstərən işarə